Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


вторник, 12 мая 2009 г.

Romana ön söz


Qabriel Qarsia Markesin özü dediyi kimi, yaradıcılığında önəmli yer tutan bu məşhur romanı, mistik bir qoca haqqında – dünya durduqca duran, bütün vücudu və ruhuyla hakimiyyət zirvəsinin havasıyla qidalanan, bu «ecazkar ucalıqlarla» heç cür vidalaşmaq istəmədən, ölümünün astanasınacan mübarizə aparan qoca diktator haqqında, onun hakimiyyətinin qürub çağı – payızı haqqındadır.
Magik realizm məktəbinin parlaq nümayəndələrindən olan Markesin, özünəməxsus yazıçı qələmiylə ərsəyə gətirdiyi bu əsər - unikal təhkiyə üslubu - zaman və məkan ölçülərinin itirildiyi, müxtəlif dövrlərdə və məkanlarda baş verən hadisə və situasiyaların, eyni bir müstəviyə - yaşı və məkanı dəqiq bilinməyən, ilğımvari yaddaş ərazisinə sığışdırılması, təsvir olunan olaylara və insan talelərinə, guya təkrar-təkrar dönə-dönə, əslində isə, yazıçının nəzarət dairəsinə düşmüş bu mənzərələrə, ayrı-ayrı zaman və baxış bucaqlarından daxil olunması, insan obrazlarının markesvari təsviri, əsəri, ilk növbədə, yüksək bədii sənət nümunəsi kimi, iyirminci əsr ədəbiyyatının yetirdiyi ən parlaq romanları sırasına çıxarır. Yazıçının, xüsusi bir şövqlə, adi insan normalarına sığmayan sirli dünyasını zərgər incəliyi ilə açdığı patriarx obrazı, Yer üzünə tarixin müxtəlif dönəmlərində gələn, hakimiyyəti, taleyin acı hökmüylə ələ kesirib, sonradan heç bir vəchlə əlindən buraxmaq istəməyən diktatorların ümumiləşmiş, gerçək simasını gözlərimiz önündə canlandırır. Bu baxımdan əsər, xalqların və millətlərin azad, demokratik cəmiyyətə doğru irəlilədiyi ən həlledici tarixi dönəmlərdə, bütün işıqlı yolları və cığırları öz kasad dünyagörüşləri və əqidələriylə, ağır və keçilməz şlaqbaum kimi kəsən, zamanın bütün sınaqlarından – sui-qəsdlərdən və məhəlli savaşlardan, dünya müharibələrindən və inqilabi çevrilişlərdən, təbii fəlakətlərdən və xəstəliklərdən, anlaşılmaz xatasızlıqla ötüşən bu insanların mistik əbəliyini, dəfedilməzliyini fiksə edən sənədli səlnamə kimi də xüsusi əhəmiyyət kəsb edir.
Tarixinin müxtəlif dönəmlərində Yer üzünə sınaq kimi göndərilən bu oxşar taleli insanların gizli mahiyyətini mahir yazıçı qələmiylə ümumiləşdirməyə nail olmuş Markes, insanlıq üçün xüsusi təhlükə olan «ölməz diktator» obrazını yaratmaqla, insanlıq və vətəndaşlıq hüquqları əsrlər boyu tapdanan, zülm və haqsızlıq üzərində qurulmuş hakim rejimlərin basqısı altında inləyən dünya xalqları qarşısında öz haqq səsini ucaldaraq, müqəddəs yazıçılıq missiyasını yerinə yetirmiş olur.


A. Məsud






«PATRİARXIN PAYIZI»
HAQQINDA


Bir dəfə Karlos Fuentes, Xulio Kortasar və Qarsia Markes Meksikada görüşürlər və Fuentes, Latın Amerikasının diktatorları haqqında – hər yazıçı öz ölkəsinin diktatoru haqqında bir fəsil yazmaq şərtilə, birlikdə kitab yazmağı təklif edir. Belə qərara gəlirlər ki, Fuentes – Porfirio Diasın, Qarsia Markes – ötən əsrin Kolumbiya diktatorlarından hər hansı birinin, Varqas Lyosa – Legianın, Otero Silva (yəni mən) – Qomesin, Roa Bastos – Fransianın, Kortasar – Rosasa oxşayan uydurma bir diktatorun, Karpentyer isə Maçadonun obrazını yaratsın. Hətta Venesuelaya xəbər göndərib məndən Qomes haqqında fəsil yazmağımı da xahiş etdilər. Mən o xahişi yerinə yetirə bilmədim, bu günə kimi də Qomesdən bir sətir belə yazmamışam, çünki ona nifrət edirəm. Varqas Lyosa da, təklifi irəli sürən Fuentes də heç nə yazmadı. Bəziləri isə yazdılar, özü də fəsil yox, kitab yazdılar: Roa Bastosun «Mən, Ali», Karpentyerin diktator Maçadonun müəyyən xarakterik cizgilərini ehtiva edən «Metodun yanlışlığı» və Qarsia Markesin «Patriarxın payızı» kitabları bu cür meydana gəldi. Beləliklə, təsadüfi bir söhbətin nəticəsi kimi ən azı üç roman yarandı...


Migel Otero Silva,
Venesuela yazıçısı








Q.Q.Markes özü isə
roman haqqında belə düşünür


…«Yüz ilin tənhalığı» mənim digər kitablarımdan populyar olsa da, belə hesab edirəm ki, «Patriarxın payızı» daha əhəmiyyətlidir və qəti əminəm ki, məni unudulmaqdan xilas etməyə qabil olan əsərim, məhz elə «Patriarxın payızı»dır. Mən bu fikirdəyəm ki, təkcə «Yüz ilin tənhalığı» yox, əvvəl yazdığım əsərlərin hamısı «Patriarxın payızı»nın prelüdüdür. Başqa sözlə desək, mənim, daim axtarışında olduğum və yazmaq istədiyim əsər «Yüz ilin tənhalığı» yox, «Patriarxın payızı» olub. Bu roman, oxucudan müəyyən ədəbi hazırlıq tələb edir ki, məhz həmin bu cəhətinə görə də bu əsəri çox yüksək qiymətləndirirəm. Üstəlik də, mən onu öz işimdən ləzzət ala-ala yazmışam: tələsmədən, özümü zorlamadan. «Yüz ilin tənhalığı»nı yazarkən isə, təəssüf ki, belə imkandan məhrum idim.


***

…Mənim öyrəndiyim ispan dili ispan poeziyasının Qızıl dövründən, bir də Romansero poeziyasından qaynaqlanır. Mən ispan poeziyasını çox gözəl bilirəm və bu poeziyanın mənə çox köməyi olub. Bütün bunlar «Patriarxın payızı»nda şüurlu şəkildə öz təzahürünü tapıb. Əsər Qəraib xalqlarının şerləri ilə, xüsusən də Ruben Dario poeziyası ilə doludur. Bu mənada, əsərin mütərcimlərinin hansı çətinliklər qarşısında qaldıqlarını yaxşı təsəvvür edirəm. Mütərcimlər üçün problem ondan ibarətdir ki, nikaraqualı şair Ruben Darionun poeziyası ispan dünyasından, Latın Amerikasının hüdudlarından kənarda az bəllidir. Bu poeziya, ayrı dillərə demək olar ki, tərcümə olunmayıb. «Patriarxın payızı» isə əslində Ruben Dario poeziyasının dili üstündə qurulub.

***

Mən «Patriarxın payızı»nı «Yüz ilin tənhalığı»ndan qabaq yazmağa başlamışdım, amma nədənsə iş ləng gedirdi.
…Kuba inqilabı nəhəng bir işə – Batistanın generalı Soso Blankanın edam edilməsinə imza atdı. Blankanın işinə, bütün dünya ölkələri jurnalistlərinin iştirakı ilə açıq məhkəmədə baxılırdı. Bu, həyatımda gördüyüm ən müdhiş mənzərələrdən idi. Onun törətdiyi bütün qanlı cinayətlər, şübhəsiz ki, sübuta yetirildi və müttəhim ölümə məhkum edildi. Sarsıntılar içində kirimişcə oturub dinləyirdim. Ölüm hökmü oxunanda, mən Blanko ilə üz-üzə dayanmışdım: onun sifətində bircə əzələ də tərpənmədi, yalnız dizləri azacıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu və düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur. Lakin sonralar çox götür-qoy elədim, diktatorlar haqqında bütün yazılanları – məktubları, bioqrafiyaları, reportajları oxudum. Yazmağa başlayanda isə həmin faktlardan istifadə eləməməyə çalışırdım. İstəyirdim ki, mənim qəhrəmanım mövcud diktatorlardan heç birinin əkiz tayı olmasın.

***

…Mənim yaratdığım diktator obrazında Samosadan da, Truxilyodan da, Frankodan da, Qomesdən də nə isə var. İkihücrəli qəfəsi qoca Samosa ixtira etmişdi – bu qəfəsin bir hücrəsinə siyasi dustaqları salırdılar. Bununla belə, Samosa ailəsinin diktaturası sönük təsir bağışlayırdı. O ki, qaldı Qomesə – Xuan Visenta Qomes ayrı aləm idi… O, elə bir nadir şəxsiyyət idi ki, venesuelalılar özlərini saxlaya bilməyib, ona, görəkəmli bir venesuelalı kimi bəraət də qazandırmışdılar. Bütün diktatorlardan ən çox isə, məni Qomes maraqlandırırdı və mənim personajım daha çox ona oxşayır.











PATRİARXIN PAYIZI


(roman)

Tərcümə: A.Məsud


Həftənin sonuna yaxın quzğunlar, pəncərələrin dəmir qəfəslərini söküb prezident sarayına doluşdular, qanadlarını çırpa-çırpa, saray otaqlarının uzun müddətdən bəri dəyişilməyən kifsəmiş havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm yuxusuna getmiş şəhər, bazar ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı... biz, yalnız bundan sonra içəri girməyə ürək elədik və artıq, nə bəzi qoçaqların dediyi kimi, qədim qala divarlarına dırmaşmağa, nə də o birilərin düşündüyü kimi, giriş qapılarını öküz qoşqularıyla dağıdıb-sökməyə ehtiyac olmadı, bir vaxtlar Uilyam Deymperin gürzlərinə şərəflə davam gətirən binanın qapıları, yüngülcə toxunmaqla öz-özünə açıldı və biz, ötüb keçən əsrə qədəm qoyduq, sakitliyinin özü belə köhnə və kövrək olan, içindəki əşyalarıyla bir bu kövrəkliyin və ilğımın içində dumanlanan bu qəsrin xarabalıqlarında az qala boğulduq; döşəməsi, az qala buludlara dirənən qanqalın ağırlığından çatlayıb cadar-cadar olmuş birinci həyətdə biz, saray qarovulunun, qəfil düşən qovhaqovdan, tələm-tələsik ora-bura atıb qaçdığı silah-sursatı, həyətin ortasındakı uzun, taxta stolda yarımçıq qalan naharın niməçələrdə çürüyən artıqlarını, bir vaxt dəftərxana yerləşən yarıqaranlıq tikilini, bu tikilinin divarlarını basmış rənbərəng, zəhərli göbələkləri, uzun müddətdən bəri yaddan çıxdığından, gedişatı məzmunsuz həyatın özündən də uzun çəkən, lakin baxılmadığından, qovluqlarının araları araları mamır bağlayan şəxsi işləri, qüllələri az qala buludlara dirənən bu sarayda üzü qədimdən bu yana yaşamış beş nəslin xaç suyuna çəkildiyi iri çəni, həyətin lap qurtaracağında vitse-kralın anbarı kimi işlədilən tövləni, orda güvə dumanı içində qaralan Böyük Qalmaqal dövrünün karetini, Taun dövrlərindən qalan üstübağlı faytonu və Dünyanın Birinci Əsrinin əfsanəvi limuzinini gördük; bunların hamısı yaxşı vəziyyətdəydi, hər biri milli bayraq rəngində rənglənmiş halda, qalın tozun və hörümçək torlarının altında bozarmaqlarına davam edirdilər; o biri həyətdə isə, dəmir çəpərin o biri üzündə, sanki ay tozundan tökülmüş gümüşü rəngli qızılgüllər açmışdı; bir vaxtlar bu güllərin kölgəsində cüzamlı xəstələr sığınıb yatardı, indi isə baxımsızlıq üzündən, bu əfsanəfi gül kolları çoxalıb az qala bütün həyəti bürümüşdü və bu səbəbdən, havadan da qızılgül ətri gəlirdi… bu ətrə, bağın dərinliyindən yayılan digər üfunətli iylər də – toyuq hininin, mal təzəyinin, qatı əsgər sidiyinin iyləri qarışmışdı; biz qızılgül kollarının boğanağından keçib, içinə qərənfil, ətirli astra, inciçiçəyi basdırılmış dibçəklərlə dolu tacşəkilli artırmaya çıxdıq; bura onun, qadınlarıyla əyləndiyi yer idi, üst-üstə qalanmış qarmaqarışıq tullantılardan, müxtəlif növ zir-zibildən və saysız-hesabsız tikiş maşınlarından təxminən bilmək olurdu ki, bu barakda nə qədər qadın və nə qədər, bəlkə də azı minəcən vaxtından tez doğulan uşaqlar yaşayıb; biz həmçinin, çoxdannan bəri işlənməyən kimsəsiz mətbəxlərdəki iyrəncliyi - ləyənlərdə qalıb iylənmiş yaş camaşırı, kişilər və qadınlar üçün genişləndirilmiş ümumi ayaqyolunu, bir vaxtlar Kiçik Asiyanın torpağında bitib göyərən, həmin torpaqla da doldurulub nəhəng çəlləklərdə gətirilmiş, yarpaqlarının üstü sanki narın şeh bağlamış vavilon söyüdlərini də gördük; söyüdlərdən sonra onun balaca sarayı – çərçivələri, dəmir qəfəsləriylə bir kökündən qoparılan pəncərələrində hələ də quzğunlar vurnuxan möhtəşəm, qəzəbli evi ucalırdı; bizə, qapıları sındırmaq lazım olmadı, onlar elə öz-özünə, elə bil səsimizin gücünə açıldılar və biz, daş pillələrə salınmış, inək dırnağı altında tapdanıb eybəcər kökə düşən təmtəraqlı, teatral xalçaların üzəriylə qalxaraq, binanın əsas mərtəbəsinə daxil olduq, birinci artırmadan axıracan – mərtəbənin lap qurtaracağındakı yataq otağına qədər bütün otaqlara baş çəkdik, xidməti yerlərdən saysız-hesabsız qəbul otaqlarına keçdik və hər yerdə, üzləri heç nə ifadə eləməyən inəklərlə rastlaşdıq; onlar məxmər pərdələri çeynəyir, isti təzək və mebel sınıqları arasında saralan müqəddəs ikonaları və sərkərdələrin portretlərini tapdalaya-tapdalaya, kresloların ipək üzlüklərini isladır, zəhlətökən moultularla moulaya-mouldaya qonaq otağında, konsert zalında ağa kimi gəzişirdilər; hər yer inəklə dolu idi… biz, sınıq domino və bilyard stollarını, üstləri, inəklərin sanki indicə otlayıb yalın qoyduqları yamyaşıl çəməni xatırladan açıq yaşıl rəngli mahudu, künclərin birində, öz doğma sahillərindən ayrı düşən ev sakinlərinə dəniz həsrətini unutdurmaq üçün işlədilən küləklər maşınını - dəniz küləyinin səsini çıxaran əcayib qurğunu, bir də, hələ ötən həftədən üstünə yaylıq atılıb yaddan çıxmış quş qəfəslərini gördük; saysız-hesabsız pəncərələrdən isə şəhərin özü – hələ ki, qədəm qoyduğu taleyüklü bazar ertəsinin ciddiliyini dərk eləməyən nəhəng əjdaha görünürdü… şəhərdən sonra isə, bir vaxtlar dənizin yaşıl suları dalğalanan, indi isə ay külünə bənzər kələ-kötür yarğanlar və vulkan dəlikləri açılan ucsuz-bucaqsız çöllər uzanırdı; onun gizli iş otağından isə, bizlərdən yalnız bəzilərinin, hələ bu hadisədən bir qədər əvvəl ürəklənib daxil olduğu yerdən üfunətli çürüntü və cəmdək iyindən boğulub təngiyən quzğunların nəfəsi eşidilirdi və biz, bu üfunətli qoxunun iziylə qartalların ardınca gedib, iclas zalına çıxdıq və orda da yenə həmin inəkləri - bu dəfə, zavallı heyvanların qurd basmış cəmdəklərini, bu cəmdəklərin, zalın nəhəng güzgülərində birə on artmış ayrı-ayrı əzalarını gördük; sonra biz, onun iş otağına aparan gizli qapını - arxa qapını itələdik və orda nəhayət ki, onun özünü – orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız işıldıyan həmin uzunboğaz çəkmələrində tapdıq; o, Yer üzünün bütün canlılarından qoca vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü balışa basan tək, ovuclarına basıb gizlətmiş vəziyyətdə, döşəmədə üzü ütə uzanmışdı; olsun ki, həmin bu görkəmdə o, öz qəddar -kahin ömrünün neçə-neçə saysız-hesabsız, bitib-tükənməz, gecələrini yatmışdı; amma biz onu kürəyi üstə çevirib üzünə baxanda, həmin dəqiqə başa düşdük ki, onun şəxsiyyətinin təsdiq edilməsi, təkcə, saraya doluşan quzğunların, onun üzünü dimdikləyib tanınmaz hala saldığı üçün yox, həm də sağlığında heç birimiz bu üzü əməlli-başlı görmədiyimiz səbəbindən baş tutan məsələdeyil və hərçənd ki, onun, əjdaha şəkilli bayraqla təsvir olunmuş, cansız əlini sinəsinə bərk-bərk sıxdığı, qızılı çərçivəli, litoqrafik portreti hər saat, hər dəqiqə hamının gözləri qarşısındaydı və profili dəmir pulların hər iki tərəfinə döyülmüşdü, poçt markalarının, qarınağrı dərmanlarının, kəmər və sarğıların, ipək pul kisəciklərinin də üzərinə çəkilmişdi, biz bilirdik ki, bütün bu əkslər onun, hələ lap uzaq keçmişlərdən bizim günlərə gəlib çıxan keçmiş surətlərin sürətidi və Kometa ilindən bu yana etibarlı sayılmır; həmin o ildən ki, onun kimliyi və görkəmi barədə bizim valideynlər öz ata-analarından, onlar da öz növbələrində, öz dədə-babalarından eşidib-öyrənmişdilər; biz isə lap uşaq yaşlarımızdan onun əbədi olduğuna və əbədi olaraq, öz iqamətgahında sağ-salamat yaşadığına inanmağa alışmışdıq; biz bilirdik ki, kimsə, nə vaxtsa bayram axşamı onun, iqamətgahın çıraqlarını yandırdığını, kimisi, prezident karetinin qaranlığından baxan kədərli gözlərini, qanı qaçmış solğun dodaqlarını, karet pəncərəsinin, kahin cübbəsi kimi gümüşü saplardan hörülmüş pərdəsi altından kimsəsiz küçələrə xeyir-dua verən yuxulu əlini görmüşdü; biz onun sağ və salamat olduğunu, bir neçə il bundan əvvəl, unudulmuş şair Ruben Darionun şerlərini küçənin ortasında beş sentə ucadan oxuduğuna görə tutulan, sonradan, həmin o poeziya tədbirinə görə dəmir pulla mükafatlandırılıb azadlığa buraxılan, gözləri kor bir tüfeylidən də öyrənib bilmişdik; o bədbəxt, həmin o məlum səbəbdən generalın üzünü görə bilməmişdi, gözləri görsəydi belə, onu onsuz da o səbəbdən görə bilməyəcəkdi ki, hələ Sarı Titrətmə dövründən bu yana onun üzünü, Yer üzünün bir canlısı görməmişdi; amma, biz bilirdik ki, o sağdı, Yer kürəsi də, məhz buna görə hələ ki, hərlənir, həyat davam edir, poçt işləyir, nəfəsli bələdiyyə orkestri də gecədən xeyli ötənədək Armas meydanının tozlu palmaları və kədərli fənərləri altında gic-gic valslar çalır, yeni, gənc musiqiçilər, qocalıb ölənlərin yerini tutur və hətta son illər, onun hakimiyyət qəsrindən artıq insan səsi, mahnı, ya quş səsi eşidilməyəndə, saray hasarının zirehli darvazaları daha açılmayanda belə, biz bilirdik ki, sarayda kimsə var; çünki sarayın, bir vaxt dənizə açılan dəyirmi pəncərələrində işıq yanırdı, yaxına getməyə ürək eləyənlər isə qala divarlarının o üzündən, at ayaqlarının və mal-qaranın ağır nəfəsini eşidirdilər; bir dəfə isə yanvar ayında biz, prezident sarayının artırmalı eyvanında qürubu seyr edən inəyi də görmüşdük; siz bir təsəvvür edin, ana Vətənin fəxri eyvanında inək!?.. Biabırçılıq!.. Belə ölkəyə nə deyəsən?!.. Bunu görəndə hamımız çaşıb qaldıq: prezident sarayının eyvanı hara, inək hara?.. Yəni sarayda inək var?.. Yoxsa inkələr sarayın içi ilə, pilləkənlər boyu, xalçalar döşənmiş saray pillələri boyu özləri üçün rahat-rahat gəzişirlər?.. Onda bir hay-həşir düşdü ki, gəl görəsən, axırda heç biz özümüz də bilmədik nə baş verdi: bu lənətəgəlmiş inəyi biz prezident sarayının eyvanında gördük, yoxsa bu fağır heyvan bizim gözümüzə Armas meydanında görünmüşdü?!. Axı bu eyvanda, yaxınlıqdakı kəndçi xəstəxanasının məhəccərlərində mürgüləməkdən bezib həmin o həlledici cümə gününün ala-toranında hücum çəkib sarayın pəncərələrini dağıdan qartallardan savayı, çoxdannan bəriydi ki, bir canlı belə görünməmişdi?!.. Həmin o gün qartallardan sonra, bir vaxt dənizin, indi isə qatı toz dumanının yırğalandığı uzaq üfüqdən, bir-birinin ardınca qatar-qatar ayrı quşlar da uçub gəlmişdi və quşların, qırmızı buxaqlı, başı lələk taclı başçısı işarə verənəcən, qartal dəstəsi bütün günü iqamətgahın başına dövrə vurmuşdu, sonra çilik-çilik olan şüşələrin səsi, möhtəşəm meyidin iyi gəlmişdi və qartallar o yan-bu yana uça-uça insan nəfəsi gəlməyən bu kimsəsiz evin pəncərələrində vurnuxmağa başlamışdılar; bazar ertəsi biz də ürəklənib içəri girdik, bomboş iqamətgahın, ötüb keçib, artıq uzaq keçmişdə qalan zəngin həyatının tör-töküntüsünü, onun, qartalların didişdirib tanınmaz hala saldığı meyidini, incə qadın əllərini gördük; dövlət möhürü olan üzüyü onda onun sağ əlinin adsız barmağındaydı, bədəninin çox hissəsində, əsasən də qollarında və qasığında qəribə, xırda səpkilər gözə dəyirdi, qurşağında, qartalların niyəsə toxunmadığı nəhəng qarnını saxlayan brezent qayışın toqqası fürülmüş öküz böyrəyini xatırladırdı; biz onu hamılıqla birgə, öz gözlərimizlə gördüksə də, onun ölduyünə yenə o səbəbdən inana bilmədik ki, onun bu sayaq «ölüsünü» bir vaxtlar da, elə bu kabinetdəcə tapanlar çox olmuşdu, fərq bircə burasındaydı ki, bu dəfə o, bir vaxtlar görücü-falçının suya baxıb dediyi kimi, deyəsən öz ölümü ilə – yuxuda ölmüşdü; o dövrlər isə, ömrünün payızı hələ təzə-təzə qədəm qoymağına baxmayaraq, o özünü öz iş otağında o səbəbdən tam təhlükəsiz hiss edirdi ki, o dövrlər ölkə hələ kifayət qədər çiçəklənirdi; bəlkə də elə buna görə ölkəni də elə idarə eləyirdi, elə bil qəti əmin idi ki, heç vaxt ölməyəcək; prezidentin sarayı, öz ətraf həyətləriylə bir, saraydan çox, eşşəklərin, ağır yüklərini boşaltdığı, dəhlizləridən - içi tərəvəz və toyuq dolu səbətlər daşıyan ayağıyalın əsgərlərin arasından, ac-yalavac uşaqları qucağında, pilləkənlərin üstündə mürgü döyə-döyə, hökumətdən mərhəmət payı uman qadınlarının arasından keçilə bilməyən bazar meydanını xatırladırdı; burda həm də onun, gecədən qalıb soluxan güllərini təzələyən deyingən aşnalarının, saray güldanlarından yuxarıdan aşağı boşalan bulanıq sulardan vaxtında qaçıb canını qurtarmaq lazım gəlirdi; burda döşəmələri yaş əsgilərlə silə-silə cuşa gələn qadındarın xatakar məhəbbətdən oxuduğu mahnılar, süpürgələrin taqqıltısına, döşəkçürüdən məmurların həyasız çığırtılarına qarışırdı; məmurlar yazı stollarının gözlərinə doluşub orda altdan-altdan yumurtlayan səfeh toyuqları qova-qova öz aralarında söyüşürdülər; bu səsə ümumi ayaqyolundan gələn səslər, quşların qaqqıltısı və iclas zalında boğuşan küçə itlərinin səsi qarışırdı; bir sözlə, it yiyəsini tanımırdı və yüzlərlə taybatay açılan nəhəng qapılarından boylandıqca, bu vay-həşirdə, bu basabasda nəyin harda olduğu, kimin nəyi idarə elədiyi, kimin kim, nəyin nə olduğu bilinmirdi və bütün bu vurhavurda, bu qarmaqarışıqlıqda saray sahibinin şəxsən özü nəyinki iştirak edirdi, bütün bu məşəqqətin baş ilhamvericisi və təşkilatçısı onun özü idi; eə ki, prezidentin yataq otağının pəncərələrində işıq yanırdı - bu işıq isə birinci xoruz banından çox-çox qabaq yanırdı, səhərin ala-toranında prezident qvardiyası şeypurunun cır səsi eşidilməyə başlayırdı; Kondanın yaxınlıqda yerləşən kazarmaları isə həmin dəqiqə şeypurlara züy tutub, saraydan gələn bu siqnalı daha uzaqlara - San-Xeronimodakı bazaya sarı ötürürdülər; ordan bu səslər liman qalasına çatdırılırdı, qalada isə bu siqnalı altı taktla, əvvəl paytaxtın sakinlərini, sonra isə bütün ölkəni oyada-oyada dönə-dönə təkrar eləyirdilər; ölkəni yuxudan oyadan bu «oyanma» mərasimi uzandıqca, sarayın sahibi şəxsi ayaqyolunda oturub səhər düşüncələrinə dalır, şeypurların səsindən başına düşən uğultunu ovutmaqdan ötrü ovuclarını qulaqlarına basır, topaz təki tüstü rəngli boz dənizin dalğalarıyla üzən gəmilərin işıqlarına baxır, sonra gün ərzində nə qədər süd sağıldığını yoxlamaq, südün paylanmasına nəzarət eləmək üçün fermaya yollanırdı; sağılan südün hamısını prezident kareti ilə şəhərin kazarmalarına daşıtdırdıqdan sonra əlavə sağılan südün həcmini yoxlamaqla prezident şəxsən özü məşğul olurdu; əslində o, südün paylanması məsələsinə, hələ sarayda məskən saldığı ilk gündən nəzarət etməyə başlamışdı; nəzarət mərasimi bitib başa çatdıqdan sonra o, mətbəxə keçib orda bir fincan qara qəhvə ilə bir tikə kasabe* yeyə-yeyə, yenicə başlamış günün nə ilə sona yetəcəyi barıdı qətiyyən düşünmədən, bunu təsəvvürünə belə gətirmədən, nə edəcəyi haqqında fikirləşmədən, maraqla qulluqçuların söhbətlərinə qulaq asmağa başlayırdı; onun bu iqamətgahda dil tapdığı yeganə insanlar qulluqçular idi; qulluqçularla davranmaq onun üçün o səbəbdən asan idi ki, o, onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadı insanların qəlblərini asanlıqla oxuya bilirdi; beləliklə, bir fincan qəhvə ilə kasabesini yedikdən sonra o, saat doqquz radələrində həyətdəki şəxsi patiosunda, badam ağaclarının kölgəsindəki qranit vannasına girir, orda şəfalı otlarla ağzınacan dolu isti vannada saat on birəcən uzanaraq, gündəlik şuluqluqlardan əvvəl, canına yeriyən anlaşılmaz xofu əritməyə və sakitləşməyə çalışırdı; bir vaxtlar onu prezident kürsüsünə oturdan dəniz desantı hələ təzə-təzə şəhərə yerləşəndə o, desant qoşununun komandiri ilə öz kabinetinə girib qapını o üzdən kilidləyir və onunla bir vətənin taleyini həll edir, qanuna minmiş müxtəlif qanunları və qərarları baş barmağının möhürü ilə imzalayır, o vaxtlar tam savadsız olduğundan, yazıb-oxuya bilmədiyindən və bu savadsızlığı ilə vətənin taleyi həlli ilə üzbəüz qaldığından, o bu qərara gəldi ki, məsuliyyət və diqqət tələb edən tikanlı qanunlara uyub qanını qaraltmaqdansa, ölkəni, Allahın köməyi ilə idarə etsə yaxşıdı və bu minvalla ölkəni, yaşına uyğun olmayan qıvraqlıqla, hakimiyyət pillələrində kəndirbaz ehtiyatı ilə oynaya-oynaya idarə eləməyə başladısa da, ondan bir çimdik duz uman cüzamlı xəstələrin, korların, ifliclərin ittihamlarından can qurtara bilmədi; deyilənə görə, duz onun əlində məlhəmə dönürdü, ətrafındakı diplomlu siyasətbazlar, həyasız avaralar və yaltaqlar isə onu, zəlzələlərin, bütün göy əlamətlərinin, təhlükəli illərin və Allahın digər səhvlərinin korrexidoru* adlandırır, o, ağır ayaqlarını, qarda gəzən fil ləngliyi ilə sarayın dəhlizləri boyu sürüyə-sürüyə, dövlət və məişət məsələlərini ötəri cəldliklə – bir qapını çərçivəsindən qopartdırıb ayrı yerə saldırdığı, sonra elə həmin dəqiqə də ordan çıxartdırıb əvvəlki yerinə qaytardığı kimi, asanlıqla həll eləyirdi; ümumiyyətlə, onun bütün əmrləri, qala saatı zənginin, günortalar və gecə yarısı adəti üzrə on iki dəfə yox, həyat, olduğundan uzun görünsün deyə, iki dəfə çalınması üçün verdiyi əmri həmin dəqiqə yerinə yetirilən tək, göz qırpımındaca, tərəddsüz həll edilirdi; bircə siestanın ölü saatlarında, hər şey sustalıb donuxanda, o, öz yarıqaranlıq «qadın hininə» girər, arxasınca qapını bağlamadan, qadınların birini o birindən seçib ayırmadan, qabağına keçəni qamarlayıb yaxınlıqdakı taxtın, ya döşəmənin üstünə yıxar, cansıxıcı bürküyə məhəl qoymadan, nə özü, nə də də qadını soyundurmadan, elə pallı-paltarlı işini görərdi… bütün saray isə onun, it zingiltisini andıran ağır iniltisini, təngiyən nəfəsini, sol ayağının titrəyişindən əsib cingildəyən mahmızının səsini və arıq, qansız uşaqlarının onlara dikilən maraq dolu baxışlarından az qala yerə girən qadınların: «Rədd olun burdan! Marş həyətə! Belə şeylərə baxmaq olmaz! Uşaqlar belə şeylərə baxmaz!» - qşıqıran həyacan dolu səsləri eşidilirdi; belə məqamlar vətənin üstündən elə bil səssiz mələk ötüb keçirdi; səslər kəsilir, hərəkət dayanır, bütün ölkə barmağını dodağına sıxıb: «Ss-s! Səs salmayın… nəfəs almayın, sakit! General eyş-işrətlə məşğul olur!» – deyirdi; amma onu tanıyanlar, onun ikiləşmə qabiliyyətinə bələd olanlar, onun bu işarası məhəbbət fasiləsinə o səbəbdən inanmırdılar ki, axşam saatlarında, yeddi radılırində onu qonaq otağında domino oynayan yerdə görənlər onun, elə həmin vaxt, saat düz yeddidə mal təzəyini tüsdülədə-tüsdülədə iclas zalındakı mığmığaları qovduğunu şahidi olurdular: sarayın bütün pəncərələrində işıq sönməmiş, üç qıfılın, üç kilidin şırıqqıltısı, yataq otağının qapısının üç zəncirinin cingiltisi eşidilməmiş, onun gün ərzində gördüyü işlərdən ağırlaşmış yorğun bədəni nəhəng, sal daş kimi döşəməyə düşəndə və körpə yuxusu tək şirin yuxuya gedən bu fəndkir qocanın əvvəl qırıq-qırıq, sonra dənizin səviyyəsi ilə bir, su yuxarı qalxdıqca dərinləşib qaydasına düşən nəfəsi eşidilməmiş isə, onun harda olduğunu bir kəs dəqiq bilə bilməzdi və məhz onda küləyin simləri gecənin sakitliyində təbillərin pərdəsi üstə çalan tək tıqqıldayan cırcıramaların səsini içinə çəkir, nəhəng, köpüklü dalğa şahə qalxıb üzü qədimdən vitse-kralların və bukanyerlərin* məskəni olan bu qoca şəhərin küçələrinə axır, ordan sarayın pəncərələrinə dolub, binanı suyun içinə qərq edirdi; iclas zalının güzgülərinə yapışan ilbizlər isə balina ağzına bənzər ağızlarını açıb əsnəyir, dəniz, uzaq keçmişlərdəki kimi, okeanın dalğalandığı səviyyəyə qalxaraq, bütün Yer üzünü, fəzanı və zamanı zəbt edirdi və bircə o – öz hərbi səhra geyimində, mahmızlı uzunboğazlarında, üzünü balışa basan təki, ovuclarına basıb, öz ay şüalı yuxu dənizində batıb boğulan tənha meyid kimi üzürdü; onun ikiləşmək istedadı, yəni eyni məqamda müxtəlif yerlərdə – ikinci mərtəbədə ola-ola, həm də birinci mərtəbədə tək-tənha dayanaraq, dənizin uzaq ənginliklərini seyr etməsi və elə həmin vaxtda da eyş-işrət nəşələrində titrədib əsməsi, nə bəzi yaltaqların dediyi kimi, onun qeyri-adi, ali bir sima olmasına dəlalət edirdi, nə də bu, onun düşmənlərinin danışdığı kimi, kütləvi qarabasma-zad deyildi; sadəcə, bu adamın, ona it sədaqətlylə qulluq etməyə, yolunda ölümə belə getməyə hazır olan, zahiri görünüşcə əkiz tayı – Patrisio Araqones adlı inanılmış adamı var idi; bu adam tamamilə təsadüfən, axtarılıb-aranmadan, öz-özünə tapılmışdı; günlərin ir günü prezidentə bu mətnli bir məlumat çatdırılmışdı: «Mənim generalım, eyni ilə prezident karetinə oxşar bir karet kəndləri gəzir, karetin içində isə avaranın biri özünü sizin adınızdan təqdim edir və deyim ki, heç də pis alınmır, mənim generalım! Adamlar yarıqaranlıq karetdən onun kədərli gözlərini görüblər – bu eyniylə sizin gözlərinizdi, mənim generalım! Onun sarımtıl dodaqlarını – sizin dodaqları, sizin əliniz kimi incə, qadın əlinə oxşar ipək əlcəkli əlini, həmin o əllə karetin pəncərəsindən, yol boyu dizi üstə dayanan xəstələrə duz atdığını və kareti müşayiət edən zabit geyimli iki atlını görüblər. Siz bir təsəvvür edin general, allahsızlığa bir bax!..» Bu məlumatdan sonra prezident o fırıldaqçını yerindəcə cəzalandırmaq barədə əmr vermək əvəzinə, onu prezidentlə səhv salmasınlar deyə, başına çuval keçirilib gizli yolla saraya gətirilməsi barədə göstəriş verdi; deyilənə görə, avaranı dərhal tutub saraya gətirmişdilər və ona təhvil verəndə, özü özünü sanki kənardan görən prezidenti qəribə bir təhqir hiss bürümüşdü; bu küçə adamıyla bu qədər oxşarlıqda nə isə təhqiramiz bir şey vardı; hərçənd ki, onu görən prezident özü-özlüyündə: «lənət şeytana, bu adam mən özüməm ki?!..» - deyə fikirləşmişdisə də, o vaxtlar o adam heç də onun özü deyildi, hətta onun amiranə səsini belə təqlid edə bilmirdi, amma hərifin ovcundakı həyat xətti tam aydın görünürüdü və onu ən çox narahat eləyən də elə bu idi; onda bu yaramazı güllələmək haqqında əmr verməkdən də prezident məhz buna görə çəkinmişdi, görünür bu avaranın ovcundakı tale xəttinin nə cür olursa-olsun, onun taleyinə təsir etməyindən qorxmuşu; Patrisio Araqonesi öz rəsmi əkizi eləmək fikri isə onun ağlına çox-çox sonralar, o, bu təhlükənin tam əsassız olduğunu anlayanda gəlmişdi; bir müddətdən sonra Patrisio Araqones onun əmriylə, ona hazırlanmış altı sui-qəsdi dinməz-söyləməz öz dərisində keçirmiş, dabanlarını taxta çəkiclə döyüb yastıladaraq, ayaqlarını onun kimi sürüyə-sürüyə gəzməyə adət eləmiş, qulaqlarını ağrıdan uğultudan və köpdən əziyyət çəkməyi, rəsmi görüşlərə gecikmək məqsədi ilə, xüsusən qış aylarında, səhər-səhər çəkməsinin, guya dolaşıq düşən bağları ilə, qızılı mahmızı ilə uzun-uzadı əlləşə-əlləşə ağzının içində: «Zəhrimara qalsın bunları, flamand dəmirçiləri ilə bir yerdə! Əllərindən bir iş gəlmir!» - deyərək vaxtı uzatmağı da öyrənmişdi. Bir zamanlar atasının yanında şüşə üfürməklə məşğul olanda, zarafatçıl və çərənçi kimi tanın bu adam, indi həmsöhbətlərinin əslində nə demək tstədiklərini, onların danışığına məhəl qoymadan, gözlərinin dərinliklərindən oxumağı bacaran, sözdə deyilməyənləri bəbəklərdə tutan qaraqabaq qaradinməzə çevrilmişdi; üstəlik o, ona verilən suallara da o dəqiqə cavab verməyi tərgitmişdi, suallara: «Bəs siz necə bilirsiz?» - deyə sualla cavab verməyə, bir növ adət eləmişdi: çolaqları və əliləri bu yaxınlaracan hansı möcüzə iləsə müalicə edən bu fırıldaqçı sonradan işgüzar, ciddi bir adama çevrildi; o, bir dəqiqə bir yerdə oturmur, bütün günü nə isə həll eləyir, qabağına keçən arvadları qamarlayıb xoruz kimi belinə minir, gecələr quru döşəmənin üstündə pallı-paltarlı, döşəksiz-balışsız, üzünü ovuclarının içinə basıb yatırdı. Patrisio özünü, keçmişini tamam unutmaq üçün şüşəüfürən taleyinin üstündən birdəfəlik xətt çəkmişdi; o, bütün olan-qalanını ölüm riskinə - ali hakimiyyət sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daş onsuz da qoyulmayacaq yerə ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə qaynaşan təntənəli tdbirlərdə - qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik ilahələrinə tacqoyma mərasimlərində Patrisio Araqones öz miskin taleyi ilə barışaraq, ayrı adamın cildində iştirak etməli olurdu və bütün bunları o, tamahkarlığı ucbatından, yaxud hansısa daxili ehtiyacının, ya inamının diqtəsi ilə eləmirdi; Patrisionun sadəcə, seçmək imkanı yox idi: ya aya beş yüz peso alan riyakarın şahlıq həyatı, yaxud dar ağacı – daha burda burcutmağın yeri yox idi; lakin günlərin bir günü, axşam çağı ağası Patrisio Araqonesi dənizin sahilində, pərt vəziyyətdə, qəm-qüssə içində, ətirli jasmin kollarını iyləyən yerdə tapdı və narahatlıqla Patrisiodan, onu qəmləndirə bilən hansı hadisənin baş verdiyini, bəlkə nahar vaxtı kiminsə onu acıladığını, yaxud bəlkə kiminsə gözünə gəldiyini soruşanda, Patrisio Araqones: «Heç də yox, mənim generalım, vəziyyət daha qəlizdi!» - deyə cavab verdi və burda məlum oldu ki, Patrisio, şənbə günü karnaval ilahəsinin başına tac qoyandan sonra onunla birinci valsı oynayıb, indi isə bu xatirəni qarnına, ya harasınasa soxub gizlətmək, quyunun dibinə basdırmaq, yoxsa ondan qaçıb gizlənmək üçün nə bir qapı, nə bir yolu ona görə tapa bilmir ki, «o ilahə dünyanın, ələ düşməyən, ələ gəlməyən, yuxuya belə girməyən gözəllərindəndir, canlara dəyəndir, mənim generalım! Siz onu görsəydiniz?!..» Onda general dərindən nəfəs dərib Patrisioya, arvada görə bu kökə düşməyin mənasız olduğunu dedisə də, həm də, Patrisioya qadın ehtiyacını ödəmək üçün o gözəli oğurlamağı da təklif etdi; o özü də həmin o ələ gəlməyən gözəllərdən çox oğurlamışdı və sonralar həmin o ələgəlməyən gözəllər onunla məmmuniyyətlə yaşamışdılar. «Mən onu sənin yatağına saldıraram, - o dedi, - dörd əsgər onun qollarını burub saxlayar, sən də onun dadına, ən yekə qaşıqlarla, doyanacan baxacaqsan. Qoy o, vurnuxsun! Hamısı boş şeydi! Onların ən tərbiyəlisi də əvvəl acıqlı olur, amma sonra ağlayıb: «Məni dişlənmiş alma kimi atmayın, mənim generalım…» – deyə yalvarır; lakin Patrisio Araqones onun bu təklifindən imtina elədi, çünki o, daha çox şey - o qadının məhəbbətini, nəhayət, onun məşuqəsi olmasını istəyirdi; «Axı o qadın,» - Araqones deyirdi, - təkrarolunmazdı, o əsl məhəbbətin nə olduğunu, nəyin necə olduğunu bilir. Onu görsəniz, özünüz bunu anlayacaqsınız, mənim generalım.» Onda ağa Patrisio Araqonesin dərdini bir az azaltmaq üçün ona, öz rahatxanasına aparan gizli yolları göstərib, hərəmlərindən istədiyi qədər, amma onun kimi, xoruzsayağı, ayaqüstü, soyunmadan, onları da soyundurmadan istifadə eləməyə icazə verdi və Patrisio Araqones öz ehtirasını, öz istəyini bu rahatxanada boğa biləcəyi ümidiylə bu özgə eyş-işrət bataqlığına baş vurdu, və eyş-işrətlə, arzu və istəyinin gücündən alovlanıb daşan ehtirasdan, generalın dediyi kimi, ayaqüstü yox, məhəbətin bütün ləzzəti ilə, həssas incəliklə, sevgiyə simic qadınları belə hərəkətə gətirərək, onların daşlaşmış hisslərini oyadıb inildədə-inildədə məşğul olmağa başladı, sonra da heyrət içində sevinə-sevinə generala: «Ay xatakarsız ha, mənim generalım, qocaldıqca da, canınız elə bil bir az da sulanır!» - dedi; və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones, nə də qadınların heç biri, kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin atası olduğunu heç cür təyin edə bilmədi; beləliklə də, Patrisio Araqones ağanın ən yaxınına, əzizinə və eyni zamanda, qorxub çəkindiyi adama çevrildi; Patrisioya görə general çoxlu asudə vaxt əldə edib silahlı qüvvələrlə əsaslı surətdə məşğul olmağa başladı, bir vaxtlar bu böyük vəzifəyə seçilərkən elədiyi kimi, bütün diqqətini bu səmtə yönəltdi. Lakin o bununla, bizim düşündüyümüz kimi, ona görə bu sayaq ciddi cəhdə məşğul olmadı ki, silahlı qüvvələr onun hakimiyyətinin əsasını təşkil edirdi. Əksinə! O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və təhlükəli düşmənidi, odu ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq salmağa çalışır, bir dəstənin qulağına, o biri dəstənin onlara qarşı tələ hazırladığını pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana biləcək qiyamın qarşısını beləcə - onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən başqa birinə, bir yerdən o biri yerə köçürür, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora – bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır, kazarmaların hər onundan doqquzunu boş patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin altında isə - saray zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu zirzəminin açarı o biri gizli qapıların açarları ilə bir dəstədə, daim generalın ürəyinin başında cingildəyirdi; dəstəyə yığılmış bu açarların hərəsindən bircə ədə dənə idi və müdafiə naziri, prezident qvardiyasının komandiri, milli təhlükəsizlik xidmətinin rəisi vəzifələrini aparan, hətta generalı dominoda udmaq ixtiyarına malik olan nadir adamlardan biri, onun əziz dostu, təcrübəli artillerist general Rodriqo de Aqiların kölgə kimi müşayət etdiyi bu arsenalı ondan başqa heç kimin açıb buraxmağa ixtiyarı yox idi; məgər prezident karetinin, sui-qəsd hazırlanan yerə çatmasına bir neçə dəqiqə qalmış dinamiti zərərsizləşdirən zaman sağ əlini itirən həmin bu Rodriqo de Aqilar deyildimi?.. Çox keçəmədi ki, general Rodriqo de Aqilarla Patrisio Araqonesin kölgəsində özünü o qədər rahat və təhlükəsiz hiss etdi ki, onun özünümüdafiə instinkti tamam-kamal kütləşdi və o, tez-tez camatın arasında görünməyə başladı; o, tək bir adyutantın müşayiəti ilə adi, gerbsiz karetdə şəhəri gəzir, yol boyu karetin pərdələrini açaraq adamlara əl eləyir, onun dekreti ilə ən gözəl kilsə elan edilən, qızılı daşlardan hörülmüş möhtəşəm kilsəyə, piştağlarında uzaq, yuxulu keçmiş uyuyan qırmızı kərpicli, qədim evlərə, sarı bənizlərini dənizə, şehli səkilərə, yanıq şam kötüklərinin iyi gələn tərəfə, açıq eyvanlarda cansız üzlərindəki donuq bakirəliklə oturub, qərənfil dibçəkləri ilə şitillərin arasına sıxıla-sıxıla, yorulmadan şəbəkə toxuyan qızlara sarı çevirən günəbaxanlara, bir vaxt ilk kometanın gəlişində klavikordların çaldığı musiqinin səsi gələn monastırın qaranlıq pəncərələrinə baxırdı; bir dəfə isə şıdırğı alver gedən məhəllənin vavilionsayağı izdihamına qarışıb, adamların hay-küyünü batıran hiddətli musiqi sədaları altında, lotereya biletlərindən hörülən çələnglərə, çaxır dolu arabalara, iri iuqana* yumurtasından yığılan yumurta təpələrinə, günün altında ağaran türk piştaxtalarına, valideynlərinin sözündən çıxdığına görə əqrəbə çevrilən qızın vahiməli portretinə, axşam çağları şam yeməyinə bir-iki balıq qazanmaq, dərdini unutmaq üçün, şəbəkəli taxta balkonlara sərdikləri pal-paltar quruyanacan, piştaxtaların qabağında lüt-uryan peyda olub, göyərtisatanlarla latayır küçə söyüşü ilə söyüşən dul arvadların küçə boyu düzülən miskin komalarına baxdı. Sonra prezidentin üzünə çürük balıqqulağı iyi vurdu və o, uzaqdan, gözqamaşdıran işıqlı göylə süzən qutan qatarını, limanın lap girəcəyində təpələrin üstünə səpilən rəngbərəng zənci komalarını da gördü; budu, bu da liman! Ah, liman! İylənmiş çiy taxtalarla döşənmiş liman! Elə bu vaxt karet az qala, limanı gözdən keçirən kədərli qocanın simasında ölümün özünü görürmüş kimi hürküb yerində səndələyən zənci qadını vuracaqdı. «Bu odur! – zənci qadın heyrətlə qışqırdı - Bu odur! Əsl kişiyə eşq olsun!» «Eşq olsun!» - deyə kişili-qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan, qəlyanaltıxanalardan çıxıb karetin başına yığıldılar, «Eşq olsun! Eşq olsun!» - deyə-deyə bir qisim adam qızğın atların cilovundan tutub saxlayır, bəziləri rəhbərin əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşğun insanlar onun başına qeyri-iradi axınla, ən başlıcası isə, o qədər sürətlə yığıldılar ki, o, ovcundakı tapançanın tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: «Adam qorxaq olmaz, leytenant, onlar məni sevir, buna mane olmayın!» Son günlərin təsirli təəsüratlarından və bu sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo de Aqilar belə, açıq karetdə gəzmək fikrindən döndərə bilmirdi; «Qoy vətən övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-filan da yoxdur, boş şeydir!» O, heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın vətənpərvərlik bayramaı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf etmək üçün təhlükəsizlik xidməti tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən bu kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik həyatından sonra paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində rənglənmiş köhnə qatarını işə salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın, kədər və məyusluq vilayətinin sərhədəlri boyu, səhləb çiçəyi və amazon balzaminlərinin kolları arasından meymunları, pələnglərin zolağında uyuyan cənnət quşlarını hürküdə-hürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə ölkənin içindən ötərək, prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə yollandı; stansiyalarda onu, matəm havalarına bənzər ürəküzən musiqi ilə qarşılayır, kilsə zəngləri vurur, onu müqəddəs üçlüyün sağ apostolu elan edən şüarlar dalğalanırdı; prezident vaqonunun yarıqaranlıq kupesində oturan rəhbəri şərəfləndirməkdən ötrü qatarın qabağına ilk əvvəl hindular çıxırdı, lakin vaqona yaxınlaşanlar, pəncərənin tozlu şüşəsi arxasında bərəl qalmış gözlərdən, titrək dodaqlardan və salamlaşmaq məqsədi ilə yuxarı qalxan əldən savayı heç nə görmürdülər; prezidentin qolu görünmürdü deyə, yuxarı qalxan ovucu havadan asılı qalmış kimi görünürdü; keşikçi-polkovnik onu pəncərədən kənara çəkməyə cəhd göstərərək: «Ehtiyatlı olun, general, siz vətənə lazımsınız!» - deyəndə, o, qəribə özünəarxayınlıqla: «Narahat olma, polkovnik, bu adamlar məni sevir!» deyirdi; sonra o, qatardan birbaşa çay gəmisinə – piano dillərinə oxşar taxta pərləri ilə suda vals oyununun izlərinə bənzər geniş dairələr sala-sala üzən gəmiyə keçdi və gəmi, qardeniya kollarının ürəkvuran qoxusunu, ekvator salamandrlarının, çayın dayaz yerində iylənən cəmdəklərinin üfunətini yara-yara, Allahın yadından çıxmış adamların böyründən üzdü. Uzaq üfüqdə yer üzündən silinmiş nəhəng şəhərin yanğınına bənzər qürub közərirdi. Sahildə isə günün altında yanıb ağaran kasıb kəndlər görününrdü.
Bu kəndlərin sakinləri milli bayraq rəngində rənglənmiş qatara baxmaq üçün sahilə çıxsalar da, prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli əldən savayı ayrı bir şey görmürdülər. O isə sahilə – ona, imkansızlıq ucbatından, bayraq əvəzinə iri malanqa yarpaqları yelləyən adamlara, suya atılaraq gəmiyə qədər üzən, prezidentin şam süfrəsi üçün diri çəpiş, yaxud quşla dolu səbət çatdırmaq istəyənlərə baxıb kövrələ-kövrələ içini çəkir: - «Bir baxın, kapitan, onlar mənim ardımca üzür! Onlar məni sevir...» - deyirdi.
Dekabr aylarında, Qəraib ölkələrinə yaz gələndə, o öz karetində dağ yolu boyu, dağın lap kəlləsində ucalan binaya qalxır, orda, bir-iki gecə dünyanın müxtəlif ölkələrindən qovulan diktatorlarla, müxtəlif ölkələrdə taxtdan salınan millət ataları ilə – uzun illər bundan əvvəl siyasi sığınacaq verdiyi adamlarla domino oynayırdı. Burda, bu binanın artırmasında dalğın vücudlarıyla kreslolara yayxanan bu boşboğaz qurumsaqlar, onun rəhm kölgəsi altında qocalıb qartıya-qartıya, günlərin bir günü ardlarınca gələn gəminin, onsuz da onları əvvəlki yerlərinə - öz kürsülərinə aparıb çıxaracağı gələcək barədə illüziyalara dalırdılar. Bu sığınacaq, ölkələrdən qovulanların sayı çoxalandan sonra tikilmişdisə də, general üçün bu adamların hamısı bir adam idi, onların hamısı generalın yanına eyni cür – səhərin ala-toranında, gecə köynəyinin üstündən, necə gəldi əyinlərinə keçirdikləri parad geyimində, bir əlində, dövlət xəzinəsindən çırpışdırdığı pulla dolu sandıq, o biri əlində, içinə orden-medallarını, səhifələrinə qəzet mətnləri yapışdırılan köhnə dəftərxana kitabları və fotoalbom doldurduğu çanta ilə gəlirdilər. Millət atalarının hər biri bu albomları, şəhadətnamə əvəzinə generala təqdim edərək, dodaqaltı: «Baxın, general, - deyirdilər – burda mən hələ leytenant rütbəsindəyəm, bu isə artıq prezidentliyə yenicə qədəm qoyduğum vaxtdır, burda isə prezidentliyimin on altıncı ildönümünü qeyd edirlər, amma burda...» Lakin general nə təzə gələnə, nə də onun şəhadətnamə əvəzi, ona təqdim etmək istədiyi alboma məhəl qoymurdu, çünki belə hesab edirdi ki, və bu hesab etdiyini də hər yerdə ucadan deyirdi ki, taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd - onun ölümü barədə şəhadətnamədir.

O, hər gələnə yalnız müvəqqəti, az bir müddətdə gəldiyi nəticə barədə təmtəraqlı, üfürülmüş nitqinə nifrətlə qulaq asırdı:

«Bircə o anacan, mənim generalım, xalqım məni yenidən geri çağıranacan!» Lakin, general gözəl bilirdi ki, bütün bunlar boş sözdür, adi çərənçilikdir, siyasi sığınacaq almağın qəbul olunmuş qaydasıdır! O, onların hər birindən, ən birinci gələndən axırıncıya kimi, eyni şeyi – onun nəyə görə taxtdan aşdığını, onu aşıranın, bunu niyə elədiyini, vaxtı ilə onu yıxanın özünün də bir gün yıxılacağı barədə dedikləri eyni məzmunlu mətni eşidirdi. Guya bu zırramalar anlamırlar ki, siyasət, ilk əvvəl kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki, it getdisə, ip də əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu!
Bir-iki ay general, təzəgələnin başını qatmaq məqsədi ilə, o biri bizim generala son sentavosunu uduzanacan prezident sarayında domino oynadı, sonra günlərin bir günü təzəgələni dənizə açılan pəncərənin qabağına gətirib isti, kövrək sözlərlə həyatın puçluğundan danışdı: «Bu, həyat deyil, başdan-ayağa cəhənnəm əzabıdır, sizi inandırıram! Lakin Allah bir tərəfdən bağlayanda, o biri yandan açır. Bir baxın, qayanın başındakı o evi görürsünüzmü? Dağların zirvəsinə ilişib qalan nəhəng okean gəmisini görürsünüzmü? Bu gəmidə sizin üçün gözəl kayut, işıqlı otaq ayrılıb. Orda yaxşı yedirdirlər... orda sizin çoxlu asudə vaxtınız olacaq... orda öz həmdərdlərinizlə istirahət edəcəksiz... orda dənizə açılan gözəl artırma var!..»
O özü də bu evdə, bu artırmada dincəlməyi xoşlayırdı və burda bu vecsiz adam yığnağının içində domino oynamaqdan çox, öz vəziyyətinin üstünlüyündən həzz ala-ala, bu adamlardan biri olmadığına görə gizlicə sevinə-sevinə, bu vecsiz varlıqlara, bu çarəsiz insan bataqlığına baxıb bir az da gözəl yaşamağa – səhərin erkən çağında döşəmə süpürən işvəli cananları, ayaq barmaqlarının üstündə gəzə-gəzə izləyə-izləyə, canını qıdıqlayan şirin xəyalları həqiqətə çevirməyə, günah dolu arzularını doyuzdurmağa çalışırdı. O, qızların yataq otağının spesefik qoxusundan cuşa gəlir, onları ev boyu izləyir, xəlvətə düşəndə, xoruz toyuğu qamarlayan kimi, qamarlayıb küncə salırdı. Onda evin qaranlıq künclərindən açıq-aydın qaqqıltı səsləri eşidilirdi: «Siz lap quldursuz, mənim generalım! Qocaldıqca lap şorgöz olursuz!» Lakin, sevgi dəqiqələrinin bitməyi ilə, generalın qəm dəryasına batmağı bir olurdu və o, bu qüssəni canından çıxarmaq üçün harasa xəlvət bir yerə çəkilib oxuyurdu: «Ah, yanvar ayı! Bir bax: sənin pəncərəndə mənim qəmim edam edilir!»
Bu bahar heç bir təhlükəli əlamət hiss olunmurdu, bəd xəbərlər eşidilmirdi və o xalqının sədaqətinə o qədər arxayın idi ki, öz tor yelləncəyini anası Bendisyon Alvaradonun yaşadığı məmləkətin həyətndə, həyətin uzaq, tənha bir küncündə asaraq canüzən siesta saatlarını burda, tamarinlərin kölgəsində, keşiksiz-filansız, yelləncəkdə tək-tənha uzanıb yellənə-yellənə keçirir, yuxuda, sarayın yataq otağının divarları rəngində sularda üzən səyyah balıqları görür, «Vətən - ən gözəl uydurmadır, anacan!» - deyərək köks ötürürdü. Anası yeganə adam idi ki, ona qoltuğundan tər iyi gəldiyini deyə bilərdi. Siestadan sonra o, öz iqamətgahına, dünyadan razı ovqatda, möcüzəli qəraib baharından, yanvar əməköməcindən doyub sakitləşərək qayıdırdı. Belə vaxtlar Vatikan səfiri Roma papasının gözünə yatırdı. Odur ki, səfir tez-tez, çox vaxt da axşamüstü nunsisidə onun yanına gəlir, bir fincan şokaladla peçenye yeyə-yeyə, bizim generalı, katolik kilsəsinin ağuşuna qaytarmaq, onu yenidən xristianlığa doğmalaşdırmaq mövzusunda kövrək söhbətlər aparırdı. General isə gülməkdən uğuna-uğuna ona deyirdi ki, «əgər Allah-taala, siz deyən kimi, böyükdürsə, onda mənim xahişimi ona çatdırın, qoy məni bu qulağagirən murdar ilbizdən uzaq eləsin…» sonra köynəyini başına siyirib qarnını göstərərək: «qoy bu köpdən canımı qurtarıb, artıq havanı içimdən çıxarsın.» Lakin papa inadkar idi, öz dediyindən əl çəkmirdi, yenə dönə-dönə israr edirdi ki, hər şeyi yaradan Allahdır, bütün dəyərlər müqəddəs Ali Ruhdan törənib. General isə əvvəlki məzə ilə: «Barıtı boşuna işlətməyin, müqəddəs ata, - deyirdi. – Mənə ağıl qoymağın mənası yoxdur, onsuz da mən elə siz deyəni eləyirəm, daha nə istəyirsiz?..» Lakin onun, duoğun körfəz kimi sakit qəlbi, xoruz döyüşünə baxmaq üçün gəldiyi uzaq bir şəhərdə birdən-birə riqqətə gəlmişdi. Döyüşlərin birində vəhşiləşmiş xoruz, öz rəqibinin başını boğazından qoparıb ləzzətlə dimdikləməyə, sərxoş orkestr qalibin şərəfinə təntənəli tuş çalanacan, gözünü qan tutub azğınlaşan camaatın gözü qabağında yeməyə başladı. General döyüş meydanında baş verən bu hadisəni nəsə pis bir əlamət kimi, onun öz başına gələ biləcək incə bir işarə kimi yozdu.
O bunu bir anın içində hiss elədi və əsgərlərə, sümsü çalan musiqiçini həbs etməyi əmr etdi. Musiqiçini tutdular və belə məlum oldu ki, onun yanında silahı da varmış və o, camaat çıxışa tərəf axışanda, bu silahdan generala atəş açacağını böyük işgəncələrdən sonra boynuna aldı. «Mən bunu o dəqiqə başa düşdüm, - general dedi – başa düşdüm ki, atəşi o açmalıdı! Ona görə ki, mən hamının gözünün içinə baxırdım, hamı da mənim gözümün içinə baxırdı, bircə bu yaramazdan, bu bədbəxt kütbeyindən savayı. Üzünü yana çevirib guya özü üçün sümsü çalırdı». O gündən generalı yenə qorxu hissi izləməyə başlamışdı. Hərçənd general yaxşı başı düşürdü ki, əslinə qalsa, məsələ heç bunda da deyildi, onu qorxudan, heç də xoruz döyüşündə baş verən əhvalat deyildi. Təhlükəsizlik xidmətinin, narahatçılıq üçün heç bir əsasın olmadığı, hər şeyin öz qaydasıyla getdiyi barədə qəti bəyanatlarına baxmayaraq, o, hər gecəsini sarayın qalın divarları arasında dəhşətli qorxu içində keçirirdi. Elə Patrisio Araqones də məhz burda kara gəldi! O, Patrisio ilə yerini doğrudan-doğruya dəyişdi. Onu öz şəxsi qabından, özü yediyi yeməklərlə yedirtməyə başladı. Yəni ki, işdi əgər yeməyə zəhər qatılıbsa, bir yerdə ölsünlər. «Heç olmasa təkcə ölməyim.» - general fikirləşdi...
İndi hər ikisi saray otaqlarında boş-boşuna veyillənir, fil ləriplərini andıran izləri bilinməsin deyə, ancaq yumşaq xalıların üstü ilə yeriyir, yuxulu dənizdən içəri süzülən yaşımtıl mayak işığının içi ilə sanki üzürdülər.
Dəniz daşıb kükrəyir, mayak işıq saçır, limandan uzaqlaşan gecə gəmilərinin ayrılıq fiti sahil boyu közərən təzəyin tüstüsünə qarışıb pəncərələrdən içəri dolurdu... Ya da hər ikisi üzücü sentyabr axşamları səhərdən-axşamacan pəncərənin qabağında dayanıb, əlindən bir iş gəlməyən aşiqlər kimi qaranquşları sayırdılar.
General canlı həyatdan o qədər uzaqlaşmışdı ki, real həyat haqqında təsəvvürlərini elə itirmişdi ki, min bir əziyyətlə özünə tay düzəldib, eyni məqamda gah orda, gah burda görünə-görünə, ümumiyyətlə, mövcud olub-olmadığına camaatda şübhə oyanacağı ağlına belə gəlmirdi. Bəziləri hətta onun letargiya yuxusuna getdiyindən şübhələnməyə başlamışdılar. Qarovulun iki dəfə çoxaldılmasına, prezident sarayına heç kimin girib-çıxa bilməməsinə baxmayaraq, deyirdilər ki, guya kimsə sarayın içinə düşə bilib və guya kimsə orda içi ölü quşla dolu qəfəsləri, müqəddəs çəndən su içən inəkləri, ətirli qızılgül kolları arasında yatan cüzamlı, iflic xəstələri görüb... Onda bütün məmləkət dərin sükut içində donmuşdu, günortadan sonra sübhün açılacağını gözləməyə başlamışdı. Çünki falçının suyla dolu ləyənə baxıb dediyi kimi, onun öz əcəli ilə, öz yorğan-döşəyində, yuxuda öldüyü barədə şayiələr gəzməyə başlamışdı və deyirdilər, yüksək rütbəli məmurlar bu ölüm xəbərini ona görə gizlədirlər ki, aralarında bəzi qan iyli məsələləri hələ ayırd edə bilməmişdilər.
O, yaxın günlərdə taleyində nə isə baş verəcyini hiss etsə də, bütün bu söhbətlərə əhəmiyyət vermirdi. Hərdən bir, əvvəli-axırı bilinməyən domino oyununu yarımçıq kəsib general Rodriqo de Aqilardan soruşdu ki, «dostum, vəziyyət ümumiyyətlə necədir?», onda o biri: «Hər şey öz əlimizdədir, mənim generalım, ölkədə sakitlikdir», - deyirdisə də, o, canına yeriyən qorxudan azad ola bilmir, sarayın, mal təzəyindən qalanan qəramət ocaqlarında, bu ocaqların əfi dillərində nə isə daha qəramətli əlamətlər axtarır, öz taleyini görmək üçün suyu çəkilmiş köhnə quyuların dibində gəzir, oralarda da heç nə tapmayanda, həyəcandan titrəyə-titrəyə anası Bendisyon Alvaradonun yanına – bir vaxtlar, həyətində bitən tamarin ağaclarının sərin kölgəsində yellənə-yellənə təmiz hava udduğu evlərinə yollanırdı. Qoca olsa da, həyat eşqiylə alışıb-yanan anası da köhnə yelləncəkdə onunla yanaşı oturub, təmiz havadan uda-uda yellənir, yan-yörəsində hərlənən toyuq-cücəni, tovuzquşuları qarğıdalı toxumu ilə yedirdir, o isə ağ, hörmə kreslosuna yayxanıb şlyapasıyla üzünü yelləyir, ona əlvan rəngli soyuq meyvə şirələri gətirib: «İçin, sərinləyin, zat-aliləri…» - deyən ucaboy, qarabuğdayı qızlara kədərlə baxır, anasına demək istədiyi, lakin deyə bilmədiyini ürəyində fikirləşirdi: «Ey mənim əziz anam Bendisyon Alvarado, sən bilsəydin ki, mən daha bu dünyayla bacara bilmirəm, artıq tükənmişəm, canımı götürüb bu məşəqqətdən heç özüm də bilmirəm hara qaçmaq istəyirəm!..» Bu ah-tuxun əsl səbəbindən xəbərsiz anası da elə bilirdi ki, oğlunu inildədib içini çəkdirən, bu qaraşın qızlardı. Odu ki, axşam düşən kimi, şəhərin işıqları yanar-yanmaz, o, gizli yolla öz yerinə - saraya qayıdır, qaranlıq dəhlizlərdən oğrun-oğrun sivişə-sivişə, qarovulun addımlarına diqqət kəsilirdi. Qəfildən onunla üzbəüz çıxan qarovul isə gümrah səslə: «Hər şey öz qaydasındadır, zat-aliləri! Tam sakitlikdir!» - deyə hesabat verirdi. O isə gözəl bilirdi ki, onlar bunu vəzifə borcları kimi, qeyri-iradi deyir, onu da, özlərini də o səbəbdən aldadırlar ki, onlar da onun kimi qorxurdular. Bu elə bir gərgin dövr idi ki, heç kim özündə inam hiss eləmirdi, amma hamı da yalandan deyirdi ki, hər şey öz qaydasındadır. Onu rahat yaşamağa qoymayan, şan-şöhrətinin ləzzətinə zəhər qatıb hakimiyyətin özündən belə iyrəndirən də məhz elə bu inamsızlıq, bu anlaşılmaz xof idi. Hər şey də həmin o tarixi hadisədən sonra, o əlamətdar xoruz döyüşündən sonra başladı! Gecələr o, quru döşəmənin üstündə uzanıb, yuxusuzluqdan gözü acışa-acışa, hardansa uzaqdan - kasıbların toyundan eşidilən musiqinin – nə vaxtsa onun yasında da beləcə həvəslə çalınacaq barabanların, gecə saat ikidə mədənlərə oğurluq mal daşıyan becid gəminin sahildən uzaqlaşdıqca verdiyi asta, ayrılıq fitinin səsinə, səhərə yaxın kağız kimi sökülüb açılan qızılgüllərin xışıltısına qulaq asır, bədəni soyuq tər basa-basa içini çəkir, bircə dəqiqə belə olsun, fikrini yayındıra bilmirdi. Hansısa gizli duyğusu, gecənin havası, anasıgildən qayıdarkən, küçədə rastına çıxanlar ona çox şey deyirdi.
Həmin gecə isə evə qayıdarkən o, küçə boyu axışan kütləni, taybatay açılan pəncərələri, şəhərin qeyri-adi canlanmasından həyəcanlanıb dekabr səmasının mavi ənginliklərində uçan qaranquş qatarını gördü və hər şeyi bir az da aydın görmək üçün karetin pərdəsini aralayıb özü-özünə: «Mənə əziyyət verən, bax bu idi, ana! Üzüb əldən salan bu idi! Axır ki baş verdi!» - deyə fikirləşdi və elə həmin an da, dekabr göyünün baharsayağı büllur işığı içində üzən rəngbərəng şarlara – qırmızı, yaşıl, sarı, mavi rəngli saysız-hesabsız nəhəng portağallara baxdıqca özündə əcayib bir yüngüllük hiss elədi.
Sonra qəfildən nə oldusa, hürkmüş qaranquşların arasından göyə qalxan şarların hamısı birdən-birə səssizcə partladılar… minlərlə rəngbərəng vərəqələr şəhərin üstünə səpildi və çovğunun süpürüb havaya dağıtdığı xəzəl kimi havada hərləndi. Prezident karetinin sürücüsü, qarmaqarışıqlıq idi deyə, atların başını geriyə döndərib izdihamın içindən kənara sıçradı. Heç kim də bu karetə fikir vermədi, tanıyan olmadı, çünki hamının başı vərəqələrə qarışmışdı. Camaat vərəqələri göydə tutur, ayaq altından yığırdılar, hamı bir adam kimi yığırdı, mənim generalım! Vərəqələrin mətnini bərkdən-bərkdən eyvanlardan oxuyurdular, döngələrdən: - «Rədd olsun zülm! Cəllada ölüm!» - səsləri eşidilirdi. Hətta saray qarovulunun əsgərləri belə, dəhlizlərə yığılıb bu qiyamçı vərəqələri bərkdən oxuyurdu: «Bir əsrlik despotizmə qarşı mübarizə aparan milli və sinfi birliyə eşq olsun! Satqın arvada qarşı mübarizə aparan vətənpərvərlərin birliyinə eşq olsun! Rədd olsun, korrupsiya! Bəsdir qan töküldüyü! Rədd olsun quldurluq!» Bütün ölkə minillik yuxudan ayıldığı həmin bu dəqiqələrdə ən dəhşətli xəbəri o, karet tövləsində aldı: «Mənim generalım, Patrisio Araqones zəhərli oxla yaralanıb!»
Bir neçə il əvvəl, axşamüstü, ovqatının təlx vaxtı, bekarçılıqdan darıxıb üzüldüyündən, Patrisio Araqonesə, dəmir şahı atıb talelərini öyrənməyi təklif eləmişdi. «Pulu ataq, - demişdi – əgər qartal üzü düşsə, demək birinci sən öləcəksən, yox, əgər o biri üzü düşsə, mən.» Patrisio Araqones isə pulu atmaqdan imtina edib demişdi ki, işdi, ölməli olsaq, bir yerdə öləcəyik, pul atmağın da heç bir xeyri yoxdu, udan, uduzan olmayacaq. «Bəyəm unutmusunuz, pulun hər iki tərəfinə prezidentin profili döyülüb?» Onda general ona, talelərini dominoda sınamağı təklif etdi: iyirmi oyundan çox udan sağ qalacaq. «Mən razı, - Patrisio Araqones dedi – böyük məmnuniyyətlə, lakin bir şərtlə, mənim generalım! Mənə, sizi udmaq hüququ verilməlidir.» Bu hüquq ona verildi və onlar oynamağa başladılar. Əvvəllər udmaq qadağan edildiyinə görə generala uduzan Patrisio Araqones, iyirmi oyunun iyirmisini də dalbadal uddu, bu iyirmi gərgin tutuşmanın üzüntüsündən tərləyib soyuyan üzünü silərək, içini çəkdi: «Nə etməli, mənim generalım, təəssüf ki, mən də ölmək istəmirəm?!..» - dedi. Onda general dominoları taxta qutunun içinə səliqəylə sıra-sıra yığa-yığa, uşağa dərsi başa salan müəllim təbiriylə, özünün də, ələlxüsus da domino oynuna görə zorla ölməyə həvəsi olmadığından, vaxtı çatanda, öz ölümü ilə, öz yorğan-döşəyində, prezidentliyinin lap ilk günündən onun taleyini, su ləyəninə baxıb oxuyan görücü – falçı qadının dediyi kimi, yuxuda öləcəyindən bənd-bənd danışdı. «Amma, bir yana baxanda, - dedi - bir az da yaxşı fikirləşsək, yenə heç nə dəqiq deyil, çünki mənim anam Bendisyon Alvarado məni ona görə doğmayıb ki, gecə-gündüz suda çəngəllə yazılanları oxuyum. Mən - hökm vermək üçün doğulmuşam. Bir də, mən sən deyiləm, elə özüməm və Allahına şükür elə ki, bütün bunların hamısı zarafatdı.» Onda bu zarafatın heç də adi zarafat olmadığı onun ağlına belə gəlməmişdi, yatsa, yuxusuna da girməzdi ki, yaxın bir vaxtda ölüm püşkü həqiqətən də onlardan birinin payına düşəcək. Elə də oldu.
O, Patrisio Araqonesi otağında, ölümqabağı işgəncələr içində qovrula-qovrula tapdı. Xilasa ümid yox idi, oxun zəhəri həddən artıq qatı idi. İçəri girəndə, Patrisio Araqonesi elə kandardan, romalılar kimi, əli başının üstə salamladı: «Eşq olsun, igid!» Sonra canverənin yatağına əyləşib, yüngülləşdirici dava-dərmandan xəstəyə qaşıqla içirtməyə başladı. Patrisio Araqones isə generalın bu xidmətlərindən imtina eləmədisə də, ona zərrə qədər minnətdarlığını da bildirmədi və dərmanın növbəti qaşığını udandan sonra ürəyindən keçənlərin hamısını birnəfəsə döşədi: «Mən sizi bu murdar dünyada müvəqqəti tək qoyub gedirəm, mənim generalım... ürəyimə damıb ki, sizinlə cəhənnəmin yeddinci qatında görüşəcəyik... Mən - ağrıdan ip kimi gərilib düyünlənmiş, zəhərli ox üç qatından keçib öldürülmüşün birisi, siz isə, əlləriniz başınızın üstündə, özünüzü soxmağa yer tapmırsız, açıq danışdığıma görə üzr istəyirəm, mənim generalım, hər şeyi olduğu kimi deyirəm... İndi daha deyə bilərəm ki, sizi heç vaxt sevməmişəm, sizsə, nəyə görəsə beyninizə yeritmisiz ki, guya mən sizi sevirəm... Yox, mən həmişə sizə nifrət eləmişəm... Azadlığımı sizin ucbatınızdan itirdim... kefim istəyən kimi veyillənməyə da imkan vermədiniz... o vaxtdan hər gün Allaha yalvarırdım ki, sizə ölüm versin, əziyyətli, ya yüngül bir ölüm, fərqi yoxdu... təki sizdən canım qurtarsın, təki siz mənim acı taleyimin cəzasını çəkəsiz... axı başıma daha nə oyun açmadınız?.. Taxta çəkiclə döyə-döyə dabanlarımı xurd-xəşil eləyib ayaqlarımın altını öz ayağınızın gününə saldınız ki, sizin kimi ayağımı sürüyə-sürüyə gəzim... qarnımda şiş əmələ gəlsin deyə, böyrümü çəkmə qıyığı ilə deşdiniz, yazıb-oxumağı yadırğatmaq, bildiklərimi unutdurmaq üçün məni skipidar içməyə məcbur edirdiniz, çünki özünüz yazıb-oxumağı bacarmırdınız... yazıq anam isə mənə savad verməkdən ötrü nə qədər əziyyətlər çəkmişdi!.. Çox-çox rəsmi yerlərə, paradlara öz əvənizə məni göndərməklə guya özünüzü, dönə-dönə dediyiniz kimi, daha vacib, vətən üçün daha zəruri işlərdən ötrü qoruyurdunuz… amma yox, siz mənim ona görə oralara göndərirdiniz ki, hər yerdə, lap o dılğır gözəllik müsabiqələrində də hansısa fahişənin başına tac qoya-qoya, qəfil əcəlin səni hardan, hansı tərfəfdən haqlayacağını fikirləşəndə, ən qoçaq adamın da canına vicvicə düşür... açıq danışdığıma görə məni bağışlayın, mənim generalım... Lakin generalı, Patrisio Araqonesin həyasızlığından çox naşükürlüyü əsəbiləşdirdi: «Və bütün bunları sən deyirsən? Ömrü boyu burda şah kimi yaşayan, ömrüm boyu heç kəsə qıymadığımı ona verdiyim adam deyir?!.. Mən ki, öz arvadlarımı da sənin ixtiyarına vermişdim!?» Burda Patrisio Araqones, onun sözünü ağzında qoydu: «Bu barədə lazım deyil, mənim generalım. Bu bədbəxt qadınları, bu əzabkeş anaları, inəyi boğazlayan kimi, yerə yıxıb işini görməkdənsə, axtalanmaq yaxşıdı. Kələ gələn inəkdən bunların bircə fərqi odu ki, inəklər o məqam fınxırıb mouldayırlar, bunlarsa, ələ gəlməyən, qupquru dallarını səninçün dikəldib, özləri vecsiz üzlərlə kartof soyur, ya da yaxındakıları haylayıb, haqq-hesab bitənəcən, ocaq üstündə qaynayan düyü sıyığı yanmasın deyə ona göz qoymağı tapşırıllar... Bu heyvərəliyi təkcə siz məhəbbət adlandıra bilərsiz, mənim generalım, çünki bundan savayı ayrı bir şey görməmisiniz… açıq danışdığım üçün üzr istəyirəm!» Burda general dözməyib bağırdı: «Sus! Mumla, zırrama! Yum ağzını, yoxsa gec olar!» Lakin Patrisio Araqones təmkinlə, sakit-sakit sözünə davam edirdi: «Yox, mən susmayacağam, mənim generalım... daha bundan sonra siz mənə neyləyə bilərsiz?.. Öldürəcəksiz məni? Mən onsuz da, demək olar ki, artıq ölmüşəm... ondansa həqiqətin üzünə dik baxmağı öyrənəydiniz… məqamdı, mənim generalım... heç vaxt, heç kimin demədiyini, amma hamının fikirləşdiklərini dinləyəydiniz... axı, sizə, yalnız eşitmək istədiklərinizi deyirlər, baş əyib ayaqlarınızı yalayılar, ciblərində isə top-tüfəng gəzdirillər... əslində, bu səmimiyyətimə görə siz mənə təşəkkür etməlisiz, mənim generalım... sizin ki, yazığınız gələn yeganə adam mənəm... elə mənim də sizə yazığım gəldiyi kimi, bu dünyada heç kimin sizə yazığı gələ bilməz... çünki taleyin hökmü ilə, demək olar, elə mən də sizin özünüzəm – axı, mən sizin əkiz tayınızam?!.. Odu ki, mən, o birilərin ürək eləyib sizə deyə bilmədiklərini, içərilərində saxlayıb gizlədiklərini bütün səmimiliyimlə deyirəm... məsələ burasındadı ki, mənim generalım, sizdən prezident çıxmaz... əslində də, heç kim sizi qanuni prezident hesab eləmir... siz, prezident kreslosunda ona görə oturmusunuz ki, sizi ora ingilislər oturdub... onlardan sonra da amerikalılar, öz zirehli gəmilərindən atdıqları bir cüt dağıdıcı yumurtayla dəstəkləyiblər sizi... axı, bütün bunları mən gözümlə görmüşəm, axı, hər şey mənim yadımdadı... Qrinqo üstünüzə çımxırıb: «Qurtardı! İndi bu murdar fahişəxanada təm-təkcə qal! Görək, bizsiz neyləyəcəksən?!» - deyəndə siz qorxudan başınızı itirib, böcək kimi ora-bura qaçıdınız... Və o vaxtdan siz kreslodan ona görə düşmədiniz və düşmək fikriniz də ona görə yox idi ki, sizin üçün bu, sadəcə olaraq, qeyri-mümkün idi... Qorxu! Məsələ burasındadı... Boynunuza alın, mənim generalım, siz gözəl bilirsiniz ki, küçəyə adi adam kimi çıxsanız, camaat üstünüzə quduz it kimi atılıb, Santa-Mariya-del-Altardakı kütləvi qırğının, qala zindanındakı canavarlarla çiy ət əvəzi, diri-diri atılan dustaqların, yerdə qalanların gözünün odunu almaq məqsədilə diri-diri dərisi soyulub ailələrinə göndərilənlərin əvəzini çıxacaqlar... » Patrisio Araqones beləcə uzun-uzadı danışa-danışa, ötüb keçmiş incikliklər kisəsindən bir-birinin ardınca saysız-hesabsız dəhşətli xatirələr çıxardıqca, elə bil bu murdar rejimin qurbanlarının ruhuna dua oxuyurdu… qəfildən o susdu… elə bil qızmar yaba ilə içalatını oydular, ürəyi az qaldı dayana... sonra özünə gəlib asta-asta, təhqirsiz-filansız, yalvarış dolu səslə davam elədi: «Mənim generalım ... bu gözəl məqamı əldən buraxmayın, mənimlə birgə ölün... sizin üçün ən yaxşısı ölməkdi ... axı, kim bilməsə də, mən bilirəm... axı, mən elə sizəm... amma bir Allah şahiddi ki, mən bunu heç vaxt istəməmişəm ... heç vaxt əzəmət, şöhrət diləməmişəm, vətən qəhrəmanı olmaq arzusuna düşməmişəm... belə alındı... siz necə yaşayırsız, bunu mən bilirəm... sizin bütün həyatınızı təhlil eləməyə gücüm də çatar... çünki ürəyimin ən dərin guşəsində mən elə adi şüşəüfürən qalmışam, atam kimi şüşəüfürənlərdən biri olmuşam... Qorxmayın, mənim generalım! Ölüm siz düşünən qədər də ağrılı deyil...» O, bu sözləri o qədər inamla, səmimiyyətlə dedi ki, bizim general ona etiraz eləmək üçün özündə hirsə, acığa oxşar bir şey tapa bilmədi, son tutmalar, son qıcolmalar başlayanacan çarpayının kənarında oturub, Patrisionu yataqdan yumalanıb yerə düşməyə qoymadı. Patrisio Araqones qəfildən qarnını ikiəlli qucaqlayıb ağrıdan, xəcalətdən ağlaya-ağlaya: «Ay Allah! – dedi – şalvarımı doldurdum, mənim generalım!» General, Patrisionun bu sözünü ayrı mənada, ölümqabağı qorxu kimi başa düşdü, amma elə bu dəm Patrisio dedi ki, şalvarını ayrı mənada yox, elə doğrudan doldurub. Onda general çığırıb: «Yalvarıram sənə, bir az döz! Vətən oğlu, nə olur-olsun, kişi kimi ölməlidi!» - dedisə də, artıq gec idi... Artıq vətənpərvərlik hisslərinin yeri deyildi... Patrisio Araqones döşəməyə yıxılıb son titrətmələrlə, ayaqlarını yerə döyə-döyə, göz yaşı və nəcis içində çabalayırdı...
O, Patrisionun meyidini iclas zalının yanındakı gizli yataq otağında öz əlləriylə yudu, əynində nə vardısa, hamısını soyunub meyidin əyninə geyindirdi, özü isə çılpaq qaldı. Qarnını saxlayan brezent qayışını da çıxarıb Patrisionun qurşağına bağladı. Uzunboğaz çəkmələrini soyunub Patrisionun ayaqlarına geyindirdi, qızılı mahmızı uzunboğazların sol tayının dabanına bərkitdi. Bütün bunları da öz tənhalığını dərk eləyə-eləyə, ağır kədər içində, bundan sonra daha tənha keçəcək həyatının acısını duya-duya elədisə də, bu kədər onu heç də karıxdırmadı, meyidlə apardığı əməliyyat boyu, özündən bircə dənə olsun, iz qoymadı, bir vaxt görücü-falçı qadının suyun aynasına baxıb dediyi sözlər - qulluqçuların onun ölüsünü hansı vəziyyətdə tapacağı da yadından çıxmadı. Onu, hələ o vaxt falçı qadın deyən kimi, öz təbii ölümü ilə öldüyü vəziyyətdə – orden-medalsız hərbi səhra geyimində, uzunboğaz çəkməsinin sol tayında qızılı mahmızı ilə döşəmədə üzüqoylu, üzünü balışın içinə basan kimi, ovuclarına basıb uzandığı yerdə tapmalıydılar… İşin qəribəsi isə o oldu ki, heç nə onun gözlədiyi kimi olmadı, heç kim onun öldüyünü təsdiq eləmədi, rejiminə sadiq qalanlar səbrlə nəyisə gözləyir, xəlvət məşvərətlər aparır, aralarında nə isə gizli razılaşmalara gəlirdilər. Üstəlik, onun ölümü barədə gəzən şayələrin qarşısını da nəyə görəsə alırdılar, bizim hamımızı inandırmaq üçün ki, generalın anası Bendisyon Alvarado yaslı deyil, arvadı alış-veriş yerlərində görünməyə məcbur eləyirdilər… «Əynimə güllü paltar keçirib məcbur elədilər ki, lazım oldu-olmadı, əlli cür çıncıq-mıncıq, quş lələkli şlyapa, daha ayrı zir-zibil alım, senyor, yəni hamı görsün ki, heç bir dərdim yoxdu, guya xöşbəxtəm... Ha deyirdim ki, a bala, indi bazarlıq vaxtı deyil, matəm vaxtıdı, indi ölkə göz yaşı içində boğulmalıdı. Axı, mən məsələnin nə yerdə olduğunu bilmirdim, elə bilirdim, ölən oğlumdu, bunlar isə, bu hərbiçilər, durduğum yerdə, foto-şəklimi çəkirdilər, çəkə-çəkə də məni məcbur eləyirdilər ki, gülümsəyim, özü də deyirlər ki, vətən naminə belə lazımdı, senyora!»
Həmin dəqiqələr general xəlvət otağında gizlənib həyəcan və çaşqınlıqdan üzülə-üzülə, özünü yeyib-tökürdü: «Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra bu dünyada heç nə dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, çıxır, heç yanda büdrəmir də? Axı niyə, ay ana, niyə, bazar günü elə bazar günü qaydasıyla keçir… bürkü də, mənim sağlığımdakı kimi, yeri-göyü yandırıb-yaxır?» General bu suallarla özünü üzürdü ki, bu vaxt liman qalasında topdan atəş açıldı, kilsə zənglərinin səsləri şəhəri bürüdü və bir əsrlik rəzalət yuxusuna getmiş şəhər bu səsə ayılıb elə bil çalxalandı, qarmaqarışıq, səs-küylü izdiham sarayın ətrafına axışdı...
Onda o, gizli yataq otağının qapısını azca aralıyıb ordan, iclas zalının tən ortasına qoyulub ətrafına yanar şamlar düzülən cansız bədnini, bütün xristianlıq tarixində baş vermiş ölüm hadisələrindən - Roma papalarının cəsədlərindən də gözəl bəzədilən cəsədini gördü… güllərin içində ağaran pudralı sifətinə, boyalı dodaqlarına, orden-medalların ağırlığından çökən sinəsinin üstə çarpazladığı sümüklü əllərinə, bir vaxtlar kiminsə göylər generalı üçün özündən uydurub düzəltdiyi – hər tərəfində on ədəb günəşcik yanan, oyuncaq kralın əldəqayırma xəncərinə oxşar gödək qılınc taxılmış qundağına, parad libası geydirilmiş bədəninə baxdıqca içini xəcalət və dəhşət hissi bürüdü. Ən qəribəsi isə, bu əldəqayırma qılıncın, bütün ölçüləri baş-ayaq eləməsiydi. Bu gödək qılınca görə hər bir şey - hakimiyyət möhtəşəmliyinin bütün rəmzləri, ağır hüznlü yas mərasimi, hərbi təltiflər və sair oyuncaq qılınc kimi cılız görünür, hər şey öz əzəmətini itirib adiləşir, tabutda yatan adamın bədən ölçüləriylə qəribə bir uyğunsuzluq yaradırdı. O isə ömrü boyu özünü kişi, üstəlik, hərb adamı hesab eləmişdi… odu ki, cəsədə baxdıqca, əsəbiləşir, öz-özünə: «Yəni bu mənəm? Lənət şeytana, ola bilməz!» - deyə fikirləşirdi. Ardı-arası kəsilməyən, ucu-bucağı görünməyən adam axını cənazənin başına dolanırdı… Bir anlıq o bütün bunların tamaşa olduğunu, bu tamaşanın məkrli məqsədini unudub, özünü öz ölümündən təhqir olunmuş və alçaldılmış hiss elədi və ağzının içində dönə-dönə: «Bu ki, ədalətsizlikdi, lənət şeytana!» - deyə təkrar eləyə-eləyə, onu ölmüş bilib bura gələn adamların davranışına göz qoya-qoya, öz-özlüyündə bir sıra məsələləri götür-qoy eləməyə başladı. O, bir çoxlarının özünü itirib köməksiz vəziyyətə düşdüyünü gördükdə ürəkdən sevindi, onu itirdiklərinə görə öz həyatlarından silən biçarələrin halına acıdı, bunun ardınca isə nəfəsini içinə qısa-qısa, bura, onun həqiqətən ölüb-ölmədiyini, cənazədə uzananın o, yoxsa ayrı bir kəs olduğunu, ümumiyyətlə, bütün bunların oyun olub-olmadığını öyrənib bilmək üçün gələnlərin hərəkətlərini izlədi. Cənazənin önündə donuxub qalan, cəsədi hərbi salamla şərəfləndirən qoca veteranı, tabutun üzərinə əyilib, mərhumun üzüyündən öpən, qolu qara matəm sarğılı kişini, cənazəyə bircə gül qoyan utancaq litsey tələbəsini gördü və onları yaddaşında xüsusi bir yerə həkk elədi. Onları, bir də balıq satan arvadı. Balıqsatan arvad, ağzınacan balıqla dolu səbətini döşəməyə buraxıb, özünü cəsədin üstünə atdı, pudralı-boyalı meyidi qucaqlayıb, səsi zalı başına götürə-götürə: «İlahi, indi biz neyləyəcəyik?! – deyib bərkdən-bərkdən çığırdı – O ölüb! O ölüdür!» Onda hamı xısın-xısın pıçıldaşdı, xosunlaşdı: «Gördünüz, bu odur, onun özüdür! Özüdü ki, var! Ölüb!» - «Bu, odur! Odur! Odur!» - deyə Armas meydanında günün altında yanıb qarala-qarala cavab gözləyən adamların bir-birinə ötürdüyü bu xəbərdən sonra kilsə zənglərinin səsi kəsildi və qəfildən, əvvəl kilsənin, sonra ətrafdakı bütün kilsələrin zəngləri dini bayramların müqəddəs çərşənbəsində olduğu kimi, şən zınqırovlarla cingildəməyə başladı… havaya pasxa fişəngləri atıldı, salyut fişəngləri buraxıldı, təbillər çalındı və o, bilərəkdən susub kənara çəkilən qarovulun yanından ötüb sarayın divarlarına dırmaşan, pəncərələrdən içəri doluşan qiyamçıların dəstələrini gördü… onların, cənazənin önündə duranları dəyənəklə qovduqlarını, meyidə sarılıb ağlamaqdan doymayan balıqsatan arvadı döşəməyə yıxmaqlarını, meyidi səkkiz ədəd pəzəvəng gül çələnginin içindən dartıb çıxardığını, ayağından tutub pilləkənlər boyu sürütləyə-sürütləyə məsxərəyə qoyduqlarını, piləkəni düşürüb harasa bir az da aşağı aparmaqlarını gördü... Qalanları isə içi naz-nemət dolu kədər sarayı talan eləməyə, əllərinə keçəni dağıdıb məhv eləməyə başladılar… qotika üslubunda yığılmış kərpicli sütunları sökür, quş qəfəslərini, vitse-kralın tacını, royalı pəncərələrdən aşağı tulazlayır, naməlum cəngavərlərin külü yığılmış vazları yerə çırpıb sındırır, məyus gəmilərdə xumarlanan gözəllər təsvir olunmuş qobelenləri yırtır, yepiskopların, qədim döyüş geyimlərində təsvir olunan hərbçilərin portretlərini, möhtəşəm dəniz müharibələri təsvir olunan şəkilləri od vurub elə yandırırdılar, elə bil bununla bu mənfur hakimiyyətin axırına biryolluq çıxırdılar. Hər şeyi elə dağıdıb sökürdülər ki, gələcəkdə bu qan çanağını yada salmağa belə bircə iz qalmaın.
Bütün bunları o, öz gözü ilə gördü, sonra özünü pəncərənin qabağına atıb, çərçivələrin bağlı taxtaları arasından, çöldə baş verənləri, hər şeyi söküb məhv eləyən bu dağıdıcı dalğanın haralaracan gedib çıxdığını öz gözləri ilə gördü… «Elə bu an, bayaqdannan maşahidə elədiyim bütün bu məşəqqətlərdən sızlayıb qan ağlayan gözlərimlə daha dəhşətli mənzərələri, misli görünməyən yaramazlığın və naşükürlüyün bariz nümunəsini gördüm, ana... Bəxtəvərlikdən ağlıllarını itirmiş arvadlarım dingildəyə-dingildəyə evimi atıb gedirdilər. Hələ bu bəs deyil, özləri ilə fermanın inəklərini, sarayın mebelini, sənin bəslədiyin pətəklərin balını da vedrələrlə daşıyıb aparırdılar… mən öz balalarımı - qazan qapaqlarını gümüş qaşıqlarla təbil kimi çalan, bürünc ləyənləri büllur güldanlara vurub cingildədə-cingildədə: «Atam ölüb, yaşasın azadlıq!..» - deyib ulaşa-ulaşa ətürpədən şənlik düzəldən bu alayarımçıq küçükləri öz gözlərimlə gördüm… Armas meydanında qalanan tonqalda yanıb külə dönən portretlərimi, litoqrafik təqvimləri gördüm!» O, hamının zəhləsini tökmüş, hər dəqiqə, hər addım camaatın gözünü döyənək eləmiş portretlərinin alışıb yanmağına, sonra yenə öz bədəninə baxdı. Bədnini indi də fayton yolunun ortasıyla - orden-medalları, qızılı qaytanaları, məxmər gödəkçəsi, balaca qılıncı, paqonlarında, göylər generalının qüruba enən günəşləri ilə bir yol uzunu sürüyürdülər… «Bax gör, ana, gör məni neylədilər…» - deyə o, ağzının içindəcə pıçıldadı və küçə boyu, bir ucdan meyidə tüpürən camaatın sulu tüpürcəyini bütün vücuduyla, dərisinin hər toxumasıyla hiss elədi, eyvanlardan təpəsinə tökülən sidiyin üfunətini duydu, bədənini acı xəcalət təri basdı, sonra get-gedə bu xəcaləti dəhşətli qorxu əvəz elədi; onu şaqqalaya da bilərdilər... Onda ətini itlər gəmirəcəkdi, bədənini qarğa-quzğun dəlik-dəlik eləyəcəkdi və bütün bu müsübət, bu bayram şənliyinin - onun ölümünə qurulan şənliyin gurultulu təntənəsi olacaqdı! Bu dəhşətli bayram qasırğası sovuşub gedəndən sonra otağı, çöldə çalınan müxtəlif musiqi səsləriylə doldu… Külək əsməsə də, musiqi sədaları şəhərin dörd bir yanından axıb içəri dolurdu… o öz tənha, xəlvət otağında gicəllənir, milçəkləri havada tutub ovcundaca boğur, qulağına qonub fikrini cəmləməyə mane olan mığmığaları da beləcə, ovcuna sıxıb öldürməyə çalışır, üfüqdə közərən yanğının işığına, yaşıl işığı dəqiqədə bir yanıb sönə-sönə pəncərənin taxta millərindən içəri süzülərək, onu zolaqlı pələngə oxşadan mayaka baxır, çöldən eşidilən səslərə diqqət kəsilir, həyatın qaynar nəfəsini, onsuz keçən gündəlik həyatın – fövqəladə ölümü adiləşib, yüz-yüz illərin minlərlə ölüsünün adi ölümünə çevrildikcə, dincəlib, rahatlanıb özünə qayıdan həyatın havasını duyur, tədricən adsız-ünvansız əbədiyyət bataqlığında əriyib yoxa çıxdığını hiss eləyirdi. Bu məqam o, ölümünün üstünə çımxırıb: «İtil cəhənnəmə, adamaoxşamaz!» - dedi və xəlvət otağından bu fikirlə çıxdı ki, artıq vaxtdı, gizlənməyin heç bir mənası yoxdu. Ayağını sürüyə-sürüyə, sökülüb dağılmış zalların içi ilə, ölü güllərin, şam yanığının iyindən baş çatlayan qaranlıq xarabaıqlarla gəzib-dolaşdı, nazirlər kabinetinin iclas salonuna çatıb qapını itələdi və tüstüdən göz-gözü görməyən bu qaranlıq otağa daxil oldu. Uzun, qədim stolun ətrafı xırlıtılı adam səsləriylə uğuldayırdı... Dünəndən bəri axtardığı, görmək istədiyi adamların hamısı buradaydı. Federasiya uğrunda qazandıqları qələbəni pula dəyişən liberallar, onlardan bu qələbəni satın alan konservatorlar, yüksək rütbəli generallar, üç nazir, arxiyepiskop və səfir Şnotpern, hamı buradaydı, hamı! Hamı bir tələdə! Bir neçə dəqiqə əvvəl bu adamlar öz çılğın çıxşlarıyla hamını bir əsrlik despotizmə qarşı mübarizədə birliyə çağırırdılar, amma özləri ömürləri boyu bütün işlərdə ona züy tutmuşdular. İndi başları bütün bu murdarlığa o qədər qarışmışdı ki, gözləri elə qızmışdı ki, heç biri o dünyadan xortlayıb gələn prezidenti görmədi. Onda o yumruğunu stola çırpıb: «Demək belə?!» - dedi və zərblə çırpıdığı yumruğunun stola dəyməyi ilə stolun ətrafındakıları göz qırpımında, çığır-bağırtıyla yoxa çığmaqları bir oldu. Ortada siqaret kötüyü ilə dolu külqabılar, qəhvə fincanları, arxası üstə aşan kreslolar, bir də hərbi səhra geyimli, balaca, təmkinli general Rodriqo de Aqilar qaldı. O, tək qoluyla otağın ortasından pərdə kimi asılan tənbəki tüstüsünü qovub döşəməni göstərərək: «Yerə uzanın, mənim generalım! – dedi – İndicə atəşfəşanlıq başlayacaq». Və bizim general özünü yerə, əziz dostunun yanına atmağı güclə çatdırdı və «Qiyamçılardan biri də sağ qalmamalıdır!» əmrini xüsusi dəqiqlikə yerinə yetirən prezident qvardiyasının qanlı bayramı, ölüm şənliyi başladı. Əmriniz yerinə yetirildi, mənim generalım, çöl qapısından aradan çıxmaq istəyənləri pulemyotla aşsüzənə döndərdilər, pəncərədən atılanlar havada tutuldu, yaxın evlərdə gizlənənlər isə qumbara tüstüsündə boğuldu. «Cəzadan qaçanlar əsrin sonunadək ən qorxunc düşmən elan olunsun!» - prinsipinə əsasən, orda-burda sağ qalan yaralıları da yerlərindəcə güllələdilər. Bütün bu haqq-hesab uzananacan o, general Rodriqo de Aqilardan iki addam aralıda, döşəmədə üzü üstə uzanaraq, səbrlə qumbaraların gurultusuna qulaq asdı. Kürəyi, hər partlayışdan pəncərələrdən içəri dolan şüşə qırıntılarıyla, divarlardan qopan suvaq parçalarıyla dola-dola, qumbaralar guruldaya-guruldaya, dua oxuyurmuş kimi, ağzının içində bir nəfəsə pıçıldadı: «Bitdi, əzizim, qurtardı daha, bundan sonra bütün əmrləri özüm verəcəyəm, bir küçüyün belə cınqırı çıxmayacaq, sabah səhər baxarıq görək, bu zırıltıdan sonra nə salamat qalıb… əgər oturmağa bir şey qalmayıbsa, bir cüt ucuz kətil, dəlmə-deşiyi tutmağa beş-altı həsir, bir-iki xəm-xırt da alınar, qab-qaşıq lazım deyil, kazarmalardakını işlədərik, daha əsgər-məsgər də saxlayan deyiləm, nə əsgər, nə zabit, hamısı cəhənnəm olsun süd əmməklərinə, qarmaqarışıqlıq düşəndə ələ bir kəs gəlmir, çörəkləri dizlərinin üstündədi köpək uşağının, bircə prezident qvardiyasını saxlayacağam, bir onlar qocaq və namusludurlar, nazirlər kabineti-zad da qurtardı… nəyimə gərəkdi, bircə qabiliyyətli səhiyyə naziri bəs eləyər… belə nazir doğrudan lazımdı, bir də xətti yaxşı olan bir nəfər, birdən bir şey yazmaq lazım oldu, vəssalam, bütün bu kazarmaları, nazirlikləri də kirayə verərik, o pula sarayı da saxlayarıq, indi adamdan çox. pula ehtiyac var, iki nəfər də qabiliyyətli quluqqçu götürərik, qoy biri bişirib-düşürsün, yır-yığış eləsin, o biri yuyub ütüləsin, inəklərdən, quşlardan salamat qalanı varsa əgər, onlara da özüm baxacağam, bir fahişənin də ayağı dəyməyəcək bundan sonra buralara, bu da o deyil ki, dəqiqə başı tumanlarını sivirib əsgərlərin yanına cumurdular… qızılgüllərin altında köpən cüzamlılar da rədd olsunlar başımdan, başıbilən hüquqşünaslar, hər şeyi guya qabaqcadan bilən siyasətçi-alimlər də – hamısı cəhənnəm olsun, bura prezident sarayıdı, yankilərin sözü olmasın, murdar fahişəxana deyil… Patrisio Araqones də düz deyirdi, hər şeyin öhdəsindən özüm gələrəm, heç kim də mənə lazım deyil, ikinci kameta olmur, lap belə onuncusu olsun, daha ölməyə hazırlaşmıram. Ölmək istəyən ölsün, boyunlarının ardını görərlər!» Bütün bunları o, dua kimi ara vermədən, ağzının içində şer əzbərləyən tək, birnəfəsə dedi. Bu, onun köhnə adəti idi, həmişə ən çətin dəqiqələrdə, müharibələrdə içini yeyən qorxunu canından çıxarmaq üçün fikirlərini öz-özünə danışır, sabah gələcək yeni yüzilliyin hansı tarixinin hansı saatınınsa dəqiq planını qururdu. Belədə elə bil yeri-göyü lərzəyə gətirən partlayışların səsi eşidilməz olurdu.
Axır ki, çöldən sonuncu güllənin səsi eşidildi. Bu güllə ilə axırıncı yaralını öldürdülər. General Rodriqo de Aqilar pəncərəyə sarı sürünüb ayağa qalxdı, küçəyə boylanıb kiməsə, meyidləri daşımaq üçün zibil furqonları gətirməyi əmr elədi, sonra generala sarı çönüb: «Gecəniz xeyrə qalsın, mənim generalım!» - deyib otaqdan çıxdı. «Xeyrə qarşı, - general cavab verdi – xeyrə qarşı, dostum! Çox sağ ol!» Rodriqo gedəndən sonra o bir müddət nazirlər kabinetinin matəm rənginə boyanmış qara, mərmər döşməsi üstə uzanıb qaldı, sağ qolunun dirsəyi başının altında, üzü sol ovucunun içində, xaraba qalan otaqların tüstüsündən və qan gölməçələrinin əksindən qızaran ayın çəhrayı işığı altında, bu gecə ömrünə ilk qədəmini qoyan uğursuz payızın xəzəli qoynunda, xəzəlin yumşaq laylasını diləyə-dinləyə, həmişəkindən bir az da tənha vücuduyla yuxuya getdi. Səhəri gün isə hər şey gözlənilmədən ayrı cür oldu, dünəndən bəri fikirləşib öz-özünə qurduğu planları yerinə yetirməyə ehtiyac qalmadı. Ordu öz-özünə dağılmışdı – əsgərlər qaçmış, son dəqiqəyəcən paytaxtın kazarmalarında və ölkənin bir neçə ayrı kazarmalarında dünənəcən müqavimət göstərən bir ovuc zabit, könüllülər dəstəsinin köməyi ilə prezident qvardiyası tərəfindən öldürülmüş, nazirlərdən sağ qalanların hamısı, son dəqiqəyəcən ona sadiq qalan həkimindən, bir də ölkənin ən yaxşı kalliqrafından başqa, hamı xaricə qaçmışdı. Maliyyə məsələlərində də ortaya bir o qədər çətinlik çıxmadı, borc üçün kiməsə, hansı xarici dövlətəsə agız açıb, bogaz çəkmək lazım olmadı. Sən demə, tərəfdarları az deyilmiş, onlar dövlət xəzinəsini qızıl üzüklərlə, bəzək əşyalarıyla doldurmuşdular. Ucuz kətil, dəfn günü sökülüb-dagılan uçuq-söküyü yamamaq üçün kilim almaq da lazım olmadı. Ona görə lazım olmadı ki, ölkənin sakitləşdirilib dinc əmin-amanlıq yaradılması zəmnində, prezident sarayı da bərpa edilib əvvəlkindən daha zəngin və gözəl olmuşdu. Saray yenə başdan-başa içi cürbəcür quşlarla dolu qəfəslərlə bəzədilmişdi. Qəfəslərin bir qismində acıdil qaykamay tutuquşları oturub: «İspaniya olmur, Portuqaliya olsun» mahnısını oxuyurdular. Hər yer gül kimi tər-təmiz, dənizçi səliqəsi ilə par-par parıldayırdı. Bu dənizçi səliqəsi, bu sahman iki utancaq qadının əməyini bəhrəsiydi. Pəncərələrdən içəri, onun şəninə çalınan musiqi sədaları axır, fişənglər atılır, dünən ölümünə çalınan zənglər, indi səhər-axşam onun ölməz əbədiliyinə cingildəyirdi. Armas meydanının həmişəhazır camaatı isə iri hərflərlə yazılmış: «Ölümünün üçünçü günü zühur edən zat-alilərini Allah hifz eləsin!» - şüarlarıyla hamını ölməz prezidentin ətrafında sıx birliyə səsləyirdilər. Bir sözlə, həyat, əvvəllər olduğu kimi, heç kimi, heç nəyi süni surətdə nəyəsə təhrik eləmədən, təbii şəkilldə gündəlik bayrama çevrilmişdi. Hər şey öz-özünə düzəlirdi. Dövlət işləri yağ kimi gedir, vətən, iri addımlarla irəliləyir, höküməti öz bildiyi, öz istədiyi kimi idarə eləyir, heç kim ona mane olmur, elə bil düşmənləri də öz-özünə ha tərfəsə buxarlanırdı. Əziz dostu Rodriqo de Aqilar öz işindən razı qalmaya bilməzdi, Rodriqonun işindən general da razı idi, odu ki, günlərin bir günü prezident qvardiyasının qiyam vaxtı xüsusi amansızlıq və şücaət göstərən bütün əsgərlərini sıraya düzdürüb, hamısına zabit rütbəsi verdi, sonra da yadına düşdü ki, indi bu zabitlər kiməsə əmr verməlidir, bunun üçün də mütləq yenə ordu yaranmalıdı, çörəyi dizinin üstdə olan ordu. Dəxli yoxdu, o, sıravi əsgərlərin hamısına zabit rütbəsi verib barmağıyla bir-bir onların sinəsini nişan ala-ala: «Sən – kapitan! Sən – mayor! Sən – polkovrik! Yox-yox, sən – general, o birilər – leytenant! Haydı, əzizlərim, ordunu qəbul edin!» - dedi. Ölümünə sidq-ürəkdən yananları da yaddan çıxarmadı, bu qədirbilən insanlara qarşı duyduğu coşgun minnətdarlıq hissi bütün vücudunu alovlandıra-alovlandıra, vida mərasimində cənazənin önündə hüznlə dayanan həmin qoca veteranı, məhrumun üzüyünü öpən həmin o kişini axtarıb tapmağı əmr elədi. Tabutu üstə ağlayan balıqsatan arvadı da tapdırdı və on dörd uşağı olan bu yazıq qadına çoxotaqlı mənzil bağışlayaraq, zavallı ananın ən böyük ehtiyacını ödədi. Cənazəsi üstə tək gül qoyan litsey tələbəsini də tapdırdı, onu dənizçiyə ərə verərək, qızın ən böyük arzusunu yerinə yetirdi. Bu hədiyyələr və təltiflərlə kifayətlənmək bilməyən kövrək qəlb yalnız San-Xeronimo kazarmalarının həyətində əli-qolu bağlı qiyamçıları görəndə sakitləşdi. Qorxudan və nifrətdən itiləşən yaddaşıyla onların hamısını bircə-bircə, qəddar dəqiqliklə tanıdı, əsirləri günah dərəcəsinə görə ayırdı: «Qiyama sən başçılıq eləyirdin – bu yana keç! Meyidin üstündə ağlayan arvadı itələyib yerə yıxan sən idin – bu yana! Mərhumu murdarlayıb pillələrlə, palçıqlı gölməçələrlə sürüyən siz idiniz – bura durun! Qalanları bu yana! İndi göstərərəm sizə – alçaqlar!» Amma cəzanın özü onu qətiyyən maraqlandırmırdı, adicə cəzayla heç nə həll olunmurdu. Ona o lazım idi ki, qiyama qalxan adamların bu hərəkətlərinin, «meyidinin» murdarlanmasının, ümumxalq narazılığının partlayışı yox, bir dəstə heyvərənin əskik hərəkəti olduğunu özü-özünə sübut eləsin. Odu ki, əsirləri şəxsən özü dindirir, istədiyi yalanı onların boynuna qoyub, öz dilləriylə etiraf elətdirirdi. Əsirlər isə heç cür heç nəyi boyunlarına almırdılar. Onda o, onların əl-qolunu bağlatdırıb, tavan taxtalarından, tutuquşu kimi kəllə-mayallaq asdıraraq, saatlarla başıaşağı saxlatdırırdı. Bundan da bir şey çıxmyanda, onlardan birini qala zindanına atmağı əmr elədi ki, timsahlar onu diri-diri parçalayıb yesinlər, o birilər də buna tamaşa eləyib hərə öz payını götürsün. Bu da kar eləməyəndə, o, həbs olunanların hər dəstəsindən bir nəfər seçib əmr elədi ki, hamının gözü qabağında onların dərisini soysunlar və hamı, ana bətninin pərdəsi tək sarımtıl, incə dərilərə, qıpqırmızı əti görünən titrək bədənlərdən kazarmanın daş pillələri üzərinə süzülən qaynar qana baxıb hərə öz dərsini götürsün. Yalnız bundan sonra bu inadkar heyvərələr hər şeyi boyunlarına aldılar. Boyunlarına aldılar ki, onları pulla şirnikləndirib, cənazəni murdarlayaraq, bazar zibilliyi ilə sürütləmək üçün dörd yüz qızıl peso veriblər. Əvvəl onlar buna razı olmayıblar, çünki ona qarşı çıxmaq istəməyiblər və ümumiyyətlə, belə şeylərin əleyhinədirlər, amma məsələ belə olub ki, gizli müşavirələrin birində iştirak eləyən iki hərbçi general onları cürbəcür sözlərlə qorxudaraq məcbur eləyib. «Biz ancaq buna görə razı olduq, işıq haqqı!» Onda o, rahat nəfəs alıb: «Aldadılmış zavalı balalar!» - dedi və onları doyunca yedirdib, yatıb-dincəlmələrinə şərait yaradılmasını əmr elədi, səhərisi gün isə hamısını yem əvəzi timsahlara atdırdı. Bundan sonra qəlbinin şübhə kisəsinin açılıb boşalmasını hiss elədi və rahatlanıb ağzının içində özü-özünə: «Şeytana min lənət, indi hamı başa düşdü ki, xalqın heç bir təqsiri yoxdu, xalq məni sevir!» - deyə-deyə öz yerinə, saraya qayıtdı. Patrisio Araqonesin, bir vaxtlar qəlbində qaladığı həyəcan tonqalının son közərtilərini tapdalayıb söndürərək, işgəncələrin ləğvi barədə fərman verməyi qərara aldı və ürəyində özünə söz verdi ki, bu gözəl məmləkətdə bir daha işgəncəyə yol verilməyəcək. Qərardan sonra bütün timsahları öldürdülər, diri-diri adamların sümüklərini sındırıb üyüdən işgəncə kameralarını sökdülər, sonra əfvi-ümumi elan edildi, yalnız bundan sonra, gələcək haqqında fikirləşərkən, birdən-birə ölkəni fəlakətə sürükləyən bütün səbəblərin kökünü tapdı – bekarçılıqdan beyinlərində cürbəcür fikirlər dirçələn adamların həddən ziyadə boş vaxtını doldurmaq lazım idi. Bundan ötrü o, mart poeziya yarışlarını və gözəllik kraliçası adı qazanılan gözəllik müsabiqələrini yenidən bərpa elədi, Qəraib ölkələri içində ən gözəl həndbol meydançası, ən böyük bağlı stadion tikdirib bizim komandanı, «Qələbə, yaxud ölüm!» devizi altında oynamağı boynumuza qoydu. Hər kənddə pulsuz süpürgəçilər məktəbi açdırdı, orda təhsil alan qızlar isə ilhamlanıb nəinki evləri, küçələri və maşın yollarını da süpürürdülər. Dəstə-dəstə adamlar zibil qalıqlarını bir kənddən o birinə, ordan da geriyə daşıya-daşıya çaş-baş halda bir-birinə baxırdılar. Hər zibil qalığı «Millətin təmizliyi qeydinə qalan müqəddəs apostolumuzu hifz et, ilahi!» - şüarları və dövlət bayraqlarıyla müşayiət olunurdu. O isə həmin dəqiqələr, yalvara-yalvara ondan bir çimdik duz istəyən cüzamlı xəstələrlə, korlarla, ifliclərlə dolu bağın içiylə ayağını sürüyə-sürüyə gəzir, huşa getmiş heyvan aramlığıyla öz həmvətənləri üçün yeni-yeni məşğuliyyətlər planı fikirləşib tapır, ayaqüstü, yaxın günlərdə açıq səma altında, boş çənlərdə dünyaya gələn körpələri xaç suyunə çəkir, onların hər birinə öz adını verirdi. Yaltaqlar: «Yeganə və vahid xilaskarımız!..» - deyib onu şərəfləndirirdilər. O isə elə doğrudan-doğruya yeganə idi… çünki daha əkiz tayı yox idi və günaşırı quş dolu qəfəslər göndərilən bu sarayda, əkizinin yerinə də, hər yerdə özü iştirak eləyirdi. Bu qəfəsləri saraya, anası Bendisyon Alvaradonun bir vaxtlar quşsatmaqla məhğul olduğu xəbəri yayılandan sonra göndərməyə başlamışdılar. Bəziləri bu qəfəsləri ona yaltaqlanmaq, yarınmaq məqsədi ilə göndərirdi, bəzi qəfəslərinsə açıq-açığına rişxəndlə, dolamaq məqsədi ilə göndərildiyi. Axır nə baş verirdisə, bir müddətdən sonra, təzə gələn qəfəsləri asmaq üçün sarayda yer qalmadı. Bu qayğının üstünə saysız-hesabsız dövlət işləri də yığıldı və bütün bu işlərin birdəfəlik həlli tələb olundu. Otaqlara da o qədər adam doluşdu ki, məmurları, qəbula gələn adamlardan ayırmaq mümkün olmadı. Darısqallıqdan can qurtarmaqdan ötrü divarları söküb o qədər pəncərə düzəltdilər ki, növbəyə duranlar, sarayın pəncərələrindən dəniz mənzərəsini seyr edə bilsinlər, bir otaqdan o birinə, yelkənli gəmi, payız günü açıq dənizdə küləyi yarıb keçən kimi keçsinlər. Lap üzü qədimdən bəri adamlar, saray pəncərələrindən vıyıltıyla içəri dolan soyuq mart küləyini sülh və əmin-amanlıq küləyi adlandırmışdılar, mənim generalım və hətta uzun illərdən bəri qulağınızı yoran uğultunun da sülh və əmin-amanlıq səsi olduğunu təsdiq eləmişdilər. Şəxsi həkimi elə beləcə də demişdi: «Qulağınızda uğuldayan bu səs, sülh və əmin-amanlıq səsidir, mənim generalım!» Həmin o gündən – ölüb-dirildiyi o taleyüklü gündən sonra yerdə və göydə, ətrafda nə vardısa, hər şey sülh və əmin-amanlıqdan, ümumi firavanlıqdan xəbər verirdi. O özü də buna sidq-ürəkdən inanırdı. İnanırdı ki, artıq sakitlik və firavanlıq dövrü gəlib çatıb… və bir gün buna elə inandı ki, yenə dekabrda dağın başına qalxdı, öz aralarında əttökən saxta qohum-qardaşlıq münasibətləri yaratmış keçmiş diktatorların miskinliyindən zövq almaq üçün dağın başındakı həmin o evə getdi. Onlar da onu görən kimi domino oynunu yarımçıq kəsib, ovuclarında qalan daşları ona göstərə-göstərə: «Tutaq ki, məndə altı-altıdı, bu kütbeyin konservatorlarda da tutaq ki, üç-üçdü… o da var ki, keşişlərlə massonların əlaltı fırıldaqlarını bilmirdim…» İndi bu qoca çaqqala nə deyəsən?
Sonra o biri tula çərənləməyə başlayırdı ki, bax, bu külqabı tutaq ki, prezident sarayıdı, düşmən isə dörd yüz metr məsafədən küləyin istiqamətiylə buranı atəşə tutub və əgər külək bu səmtə əsməsə, düşmən gülləsi saraya çata bilməz. «Və əgər indi siz məni bu vəziyyətdə görürsünüzsə, bu, cəmi-cümlətanı səksəncə santimetrin işidi. Bədbəxtçiliyə bir bax!..» Sabiq diktatorların ən inadkarları belə, bu uzunmüddətli sürgündən mənən sınmış, olan-qalan ümidlərini də itirmişdilər. Bircə o ümidlə yaşayırdılar ki, arada bir üfüqdə görünən tüstüsünün rəngindən, fitinin səsindən tanıdıqları doğma gəmiləri görüb limana enəcək, yağış başlarına döyə-döyə, zibil yeşiklərində eşələnəcək, dənizçilərin, yemək bükmək üçün istifadə elədikləri qəzet parçalarını axtarıb tapacaq, onları sətirbəsətir həm soldan sağa, həm də sağdan sola oxuyacaq, bütün oxuduqlarından – məsələn orda, vətəndə kimin kiminlə evləndiyi, kimin öldüyü, kimin kimi ad gününə kimi dəvət eləyib, kimi dəvət eləmədiyi barədə yazılardan, öz ölkəsində baş verən hadisələrin siyasi proqnozunu dəqiqləşdirəcəklər. Hər biri də, əvvəl-axır onun taleyini dəyişəcək hansısa qasırğanı - Allah qoysa, ölkənin üstündən əsib, hər yeri viran qoyacaq qasırğanı, bütün körpüləri, bəndləri kökündən qoparıb aparacaq, aşıb daşa-daşa, əkin sahələrini, buğda zəmilərini yuya-yuya, bütün məhsulu məhv edəcək, evləri aparıb, əvəzində aclıq, vəba və ölüm gətirəcək qasırğanın gəlişini gözləyirdi. Onda camaatın, ölkəni başına götürmüş bu bəladan, bu özbaşınalıqdan qurtarmaq üçün, bir vaxt ölkədən qovub çıxartdıqları adamı köməyə çağırmaqdan savayı ayrı əlacı qalmayacaqdı. «Belə də olacaq, görərsiniz!» Həmin bu möhtəşəm məqamın yetişəcəyi anın həsrətiylə yaşaya-yaşaya da, təzə gələnlərdən birini kənara çəkib sakitcə: «Siz allah, bu iynəni saplayaydınız, şalvarımı yamamalıyam… mən bu şalvarı ata bilmərəm, bu şalvar mənimçün əziz xatirədir…» - deməli olurdular. Paltarlarını gizlində yumalı, heç kəs görməsin deyə, sığınacağa təzə gələnlərin ilk günlər zibil qutusuna tulladıqları ülgücləri ordan üsulluca yığmalı, dişsiz ağızlarını, qocalığın üzüqara xasiyyətini - özünü saxlaya bilməyib batırdığı şalvarlarını o birilərdən gizləməkdən ötrü, otağının qapısını kilidləyib təklikdə nahar eləməli olurdular. Axırı da bununla qurtarırdı ki, qocalardan qartıyıb lap əldən düşənlərinin sonuncu babat köynəyini əyinlərinə geyindirib, orden-medallarını döşünə yapışdırıb, bir vaxtlar qoyub qaçdığı ölkəsinin bayrağına büküb, üstündə milli himnini oxuyur və bədbəxtləri bir-bir əbədilik dünyasına – qayaların altındakı sualtı saraya yola salırıq və yer üzündə bu zavallıdan, artırmada tək-tənha yellənən boş çimərlik stulundan savayı heç nə qalmır. «Biz də o stula əyləşib rəhmətliyin olan-qalan pal-paltarıyla əylənirik, mənim generalım, siz bu dünyanın işinə baxın, o boyda şan-şöhrət, axırda da bu cür ucuz ölüm.»
Ötən dekabrda, bu sığınacaq hələ təzə-təzə açılanda o, həmin bu artırmaya çıxıb birdən-birə Qəraib sahillərinin şəhərlərini - boyunbağı kimi sırayla düzülən Antil adalarını gördü. Bu mənzərə həqiqətdən çox yuxuya oxşayırdı. Amma bu, yuxu deyildi, çünki yanında dayanan kimsə barmağını dənizə uzada-uzada, inadkar bir həvəslə bu mənzərəni ona göstərməkdən yorulmurdu. «Ora baxın, mənim generalım, Martinika oradır.» Və o, Martinikanı - bu əsrarəngiz, sönmüş vulkanı, ordakı vərəm sanatoriyasını, kilsə sütunları arasında qubernator arvadlarına iri qardeniya kolları satan gipür köynəkli nəhəng zənciləri gördü. «Paramaribo isə, mənim generalım, ordadır». Onda o, Paramaribonun, cəhənnəmə oxşar bazarını - dənizin dibindən borularla sürünüb sahil kafesinin stollarına dırmaşan xərçəngləri, horra kimi məd yağışın altında dayana-dayana hind maskaları və imbir kökləri satan gombul zənci qarıların ağızlarında bərq vuran brilyant dişləri, Tanaquarene çimərliklərində günün altına yayxanan, qızılı inəklərə bənzər qadınları gördü. «Xalis qızıldı, mənim generalım!» İkicə reala skripkanın olan-qalan simində çala-çala ölümün özünü qovan quayyolu kor sehrbazı, Trinikdadenin qızmar günortasını, dal-dalı gedən avtomobilləri, fil sümüyündən yonulmuş tumgöz mandarin1 fiqurları və təbii ipəkdən köynəklər satılan piştaxtaların qarşısında səkiyə çöməlib bayıra çıxan yaşıl paltarlı hinduları gördü. O, eləcə də Haiti dəhşətlərini – bu şəhərin küçələrində sümsünən göyərmiş, qotur itləri, səhər tezdən səkilərdən yığılıb öküz arabalarında harasa daşıınan me

1 Mandarin – Çin imperatorları sülalələrindən birinin adı.

yitləri, zanbaq işarəsiylə Hollandiyanın yenə buralara qayıtdığından xəbər verən benzin anbarlarını, qarlı qışa hesablanmış dəyirmansayağı evlərin şiş qüllələrini, şəhərin mərkəzi küçələriylə bir mehmanxanadan o birinə üzən əcayib okean gəmisini, Kartaxenanın daşdan hörülmüş tövlələrini, dəmir buxovla əhatəyə alınmış limanını, eyvanları, vitse-kral yeməyindən ötrü burnunun ucu göynəyə-göynəyə qəm-qüssə içində əsnəyən yorğun parad atlarını gördü… «Təzək iyi gəlir, mənim generalım! Möcüzədir! Dünya sərhədsizdir!» Dünya doğrudan sərhədsiz idi, həm də məkrli idi. Çünki bu dekabr, general, dağın başındakı sığınacağa, oranın bədbəxt sakinləri ilə - ona dünyanın pis üzünü, bədbəxt tərəfini xatırladan bu mənfur qocalarla söhbət eləməkdən ötrü yox, həmin o sehrli anı - dekabrın soyuq günəşi şəffaflaşan məqam, dənizin mavi sinəsinə salınmış əlvan boyunbağını xatırladan Antil tacını, Barbadosdan Verakrusacan uzanan Qəraib şəhərlərinin mənzərəsini görmək üçün gəlirdi. O mənzərə yerində idi, indi bu adalar, ay işığının altında sahildə uyuyan timsahlara bənzəyirdi və hər şey yenə həmin o oktyabr cüməsinin ala-toranını xatırladırdı. Onda, yadına gəlir, səhər tezdən yataq otağından çıxanda bir də baxıb gördü ki, prezident sarayının bütün əhlinin başında qırmızı papaqlar var. Sonra gördü ki, otaqları süpürən, quş qəfəslərinin suyunu dəyişən arvadların da, ferma sağıcılarının da başında həmin bu qırmızı papaqdan var. Qarovulçular da, həmişə pilləkənlər boyu oturan ifliclər də, cüzamlılar da bu papaqlardaydılar. Bazar günü şənliyində də, hamı başında bu qırmızı papaq, qızılgül kolları arasında gəzişirdi. O gecə general, dünyanın bu düz vaxtında nə baş verdiyini heç cür anlaya bilmirdi, bütün şəhər camaatının qırmızı papaqlarda, hərənin əlində də bir dəstə şaq-şaqlı oyuncaqla gəzməyinin mənasını başa düşə bilmirdi. Uzun üzüntülərdən sonra axır ki, o gün nə baş verdiyini ona izah eləyən bir adam tapıldı. «Bura hardansa xaricilər gəlib, mənim generalım, onlar ispan dilində danışır*, amma bu, bizim danışdığımız ispan dili deyil, çünki onlar dənizə «nə?» yox, «kim?» deyirlər, bizim tutuquşulara «papaqayo», qayığa «almadiya», dustaqxanaya isə «asaqay» deyirlər. Biz qayıqlarda dənizə çıxıb onların gəmiləri ətrafında fırlananda, onlar dor ağacına qalxıb bir-biriylə qışqıra-qışqıra, bizim biçimli bədənimizdən, gözəl üzümüzdən danışıb, saçlarımızı tərifləyirdilər, saçımızı at saçına bənzədirdilər. Görəndə ki, dərimiz gündən yanıb soyulmasın deyə, bədənimizi rəngləmişik, tutuquşu kimi quqquldaşdılar ki, biz nə onlar kimi ağıq, nə də generallar kimi qarayıq, bir Allah bilir nə rəngdəyik, dərimizi də tünd qəhvəyi rənglə rəngləmişik, sonra da gülüşdülər, biz də başa düşmədik bunlar nəyə gülür, axı, biz tamam lüt idik, mənim generalım, anadangəlmə. Əslinə qalsa, gülməli olan, onların özləri idi, o cəhənnəm istisində şahzadə kimi altdan geyinib, üstdən qıfıllanmışdılar, «bürkü» sözünü də holland qaçaqmalçıları kimi deyirdilər, saçları da arvad saçına oxşayırdı. Aralarında bircə qadın belə yox idi, hamısı kişi idi, onlar bizə qışqırırdılar ki, niyə biz adam dilində, xristian dilində heç nə başa düşmürük, hərçənd özləri də adam dilində heç nə qanmırdılar. Sonra onlar «almadiya» dedikləri qayıqlarda yanımıza üzdülər və bizim, ucu sabala balığının sümüyündən düzəldilən avarlarımıza baxıb təəccübləndilər. Onlar sabalaya «dişli balıq» deyirlər. Sonra da nəyimiz vardısa, hamısını qırmızı papaqlara və şıq-şıq şıqqıldayan oyuncaqlara dəyişdilər. Biz bu oyuncaqları boyun-boğazımıza taxıb xarici qonaqları bir xeyli güldürdük. Qalan şeylərimizi isə dəmir çax-çaxlara, nimçələrə, güzgülərə, cürbəcür xarici cıncıq-mıcığa dəyişdilər, mənim generalım və görəndə ki, bunlardan bizə heç bir ziyan gəlməz, yavaş-yavaş, onlar da hiss eləmədən, sahilə yan aldıq. Burda da aləm qarışdı, nə qarışdı. Bir hay-həşir qopdu, bir bazar açıldı ki, gəl görəsən! Kimin əlinə nə keçdisə, eləmə tənbəllik, budu ha, sürütləyib gətirdi. Tutuquşu gətirən kim, şokalad, quş yumurtası daşıyan kim… Daşıhadaşı… Onlar da hər şeyi məmnuniyyətlə götürüb, əvəzində camaata öz zir-zibillərini soxuşdururdular, hələ arada biri, öz məxmər cübbəsini bizim birimizlə dəyişmək istədi ki, aparıb Avropada nümayiş elətdirsin. Təsəvvür eyləyirsiniz, mənim generalım?»
General, çaşqınlıq və həyəcan içində duruxub qalmışdı, nə edəcəyini bilmirdi, bu qəribə işə onun qarışmağı lazım idimi?.. Bu işlərin ondan bir asılacağı var idimi? Beləcə, çaşqınlıq və həyəcan içində o, prezident sarayına - öz yataq otağına qayıdıb sabahkı günü gözlədi. Təzə açılacaq günün sübh şəfəqi hər şeyi aydınlaşdıracaqdı, onda sular durulacaq, ona danışılan bütün bu məşəqqətlərin əslində nə olduğu bilinəcəkdi. Amma pəncərəni açanda, onun gözünə, ilk növbədə, nə vaxtsa dəniz desantının limanda qoyub getdiyi zirehli gəmidən savayı, acıqlı dənizin ortasında aramla yırğalanan üç karavella dəydi.

***

Onun ölüsünü yenə həmin kabinetdə, elə həmin vəziyyətdə, həmin geyimdə - qartalların didib-tökdüyü həmin üzüylə tapanda, bizim heç birimiz o qədər də qoca deyildik ki, meyitin birinci dəfə tapılanda eyni ilə bu cür, ya başqa cür olduğunu yadımıza sala bilək, amma dəqiq bilirdik ki, təkcə elə bir ölüm xəbəri ilə ölənin məhz o olduğuna qəti inanmaq olmaz. Çünki əvvəllər də bir neçə dəfə belə olmuşdu ki, hamıya məlum olan bir həqiqət onun özünə aid olanda, izaholunmaz bir anlaşılmazlığa, şahidlərin dəlil-sübutları isə boşboğaz söz-söhbətə çevrilirdi. Məsələn, deyirdilər, guya o, kiməsə müsahibə verəndə, dəhşətli sancılardan qovrula-qovrula kreslodan yerə yıxılıb, ağzından da yamyaşıl öd köpüklənib; yaxud, danışırdılar ki, Allah, acıdilliyinə görə ona qənim olub, dilini qurudub və guya o, bircə söz belə deyə bilmir, təkcə ağzını, o da zorla açıb-yuma bilir, onun əvəzinə isə pərdənin dalından ayrı adam danışır; sonra deyirdilər, əxlaqsız hərəkətlərinin ucbatından, bədənini başdan-başa, balıq puluna bənzər əcayib səpki basıb, qarnı da, hava dəyişəndə sancıdan elə doğranır ki, söyüşündən qulaq tutulur, deyirdilər guya o, qarnını xüsusi arabaya qoyub gəzdirir ki, heç olmasa, əl-ayağını tərpədə bilsin; «odu ki, deməli, ölümünə az qalıb…» – hamı bir ağızdan deyirdi. Deyirdilər ki, guya kimsə öz gözləriylə, sarayın arxa qapısından onun, üstü qızılı çələnglərlə bəzədilmiş məxmər tabutunun çıxarıldığını, Letisiya Nasarenonunsa Yağışlar bağçasında qanlı göz yaşları ilə ağladığını görüb. Amma onun ölümü barədə yayılan bu şayələr nə qədər həqiqətə oxşayırdısa və bu cəbərlər nə qədər sevindirici olurdusa, sonradan, onun, əvvəlkindən də betər qıvraqlaşdığını görmək, hakimiyyət sükanını əlinin içində möhkəm-möhkəm saxlaya-saxlaya dünya durduqca, bizim taleyimizi idarə eləməyinin şahidi olmaq bir o qədər kədərli olurdu. İlk baxışda elə bil hər şey çox sadə görünürdü; axı bu, məhz onun bədəniydi?!.. Axı, dövlət möhürlü üzük təkcə onun barmağında olurdu?!.. Yastı dabanları üstə yeriməkdən yorulmayan ayaqları, qartalların, nəyə görəsə dəymədiyi dumbul qarnı haqqında biz çox eşitmişdik. Amma aramızda elələri də vardı ki, nə vaxtsa bir dəfə, əlində eynilə bu cür üzük olan, yekə ayaqlı, dumbul qarınlı meyidi görmüşdülər. Odu ki, biz bütün sarayı gəzib-dolaşandan sonra tapdığımız ölünün əslini axtarmağı qərara aldıqsa da, sarayda aparılan ciddi yoxlamalar heç bir nəticə vermədi. Anasının – Bendisyon Alvaradonun yataq otağında biz, içi, quruyub qaxaca dönmüş ölü quşlarla dolu bir neçə sınıq qəfəs, inək təzəyinə bulanan hörmə kreslonu gördük, akvarel rəngləri ilə dolu tübiklər və bir xeyli fırça tapdıq.
Bendisyon Alvaradonun satışa çıxardığı mallar məhz bu rənglərlə, bu fırçalarla rənglənib bəzənir, bozarmış ütük cüllütlər gözəl qu quşuna çevrilir, sonra quş bazarında pəh-pəhlə satılırdı. Burda, Bendisyon Alvaradonun yataq otağında biz, baxımsızlıqdan solmaq əvəzinə, yaşıllaşıb daha iri qol-budaqlar atan melissa kollarını gördük, onun şitilləri divarlarla dırmanıb portretlərə sarmaşmış, kətanların arxasında kök atıb, şəkillərdə təsvir olunan adamların gözlərini deşərək, bu biri üzdən asılmış, ordan sürünüb pəncərələrə dırmanmış, çölə uzanıb bağçanın sıx yaşıllığına hörülmüşdü. Odu ki, ölüsünü axtardığımız adamın buralarda gizlənə biləcəyinə zərrə qədər şübhə yeri qalmırdı. Letisiya Nasarenonun yataq otağında gözümüzə ilk növbədə dəyən isə təmtəraqlı sevgi yatağı – şəbəkəli pərdənin altında uyuyan, üstündə toyuqlar qaqqıldaşan nəhəng çarpayı oldu. Biz, otaq boyu düzülmüş sandıqları açdıq və sandıqların içində çürüyən köhnə-kürüşü – güvələrin yeyib dağıtdığaraq, bir yığın toz qalığına çevirdiyi tülkü dərilərini, uzunətəkli qadın paltarlarının altından geyilən, məftildən hörülmüş tor tumanları, tozlu çiyin örtüklərini, işləməli brüssel döşlüklərini, arada bir qadınların da ayaqlarına keçirib gəzdikləri kişi başmaqlarını, qəbul günləri Letisiyanın şellənə-şellənə geyinib gəzdiyi qızıl tesmalı, hündür dabanlı atlas çəkmələrini, üstünə fetrdən bənövşələr çəkilmiş, uzunətəkli paltarını, yas mərasimlərində, ali xanımlıq nişanəsi sayılan ağır taftadan düzəldilmiş qara rəngli matəm lentlərini gördük.
Sandıqların birindən biz, Letisiyanın, bir vaxtlar Yamaykadan oğurlanıb, büllur qab-qacaq yeşiyində bizim tərəflərə gətiriləndə əyninə geydiyi yun tələbəlik paltarını tapdıq. Həmin o əzablı səfərdən sonra Letisiyanı rahatca prezident xanımının taxtına oturtmuşdular. Bütün bunlara baxmayaraq, biz Letisiyanın yataq otağında, axtardığımız adamdan bircə əlamət belə tapa bilmədik və nəinki ondan, hətta Letisiyanın quldursayağı oğurlanmasıyla bağlı da əlimizə bircə dənə belə olsun, dəlil keçmədi. Biz, onun Letisiyaya olan sonsuz məhəbbətinə aid də orda heç nə tapa bilmədik, elə bil o, heç ömründə Letisiyanın yataq otağına ayaq basmamışdı. Ömrünün son illərini, ayağını çölə qoymadan içində keçirmiş yataq otağında isə biz, üstü səliqəylə yığılmış əsgər çarpayısını, əntiqçilərin, evlərdən ucuz qiymətə alıb yığdıqları qədim mizi, içindən doxsan iki orden çıxan dəmir sandığı, qartalların, meyidin əynində dağıdıb tökdüyü nişansız hərbi səhra formasını tapdıq, lakin sandıqdan tapıb çıxardığımız hərbi mundirin döş hissəsi, altı irihəcmli güllə ilə deşilmiş, güllələrin açdığı dəliklərin kənarları yanıb qaralmışdı və bu mənzərə bizi, onun ölməzliyi barədə gedən söz-söhbətlərə az qala inandırmışdı. Deyilənə görə, guya ona heç bir güllə-filan təsir eləmirdi, guya kürəyinə xaincəsinə atılan güllə, onun bədənindən xətərsiz-zədəsiz sivişib bu biri üzə düşür, üzbəüz açılan digər güllələr isə sinəsinə dəyib geriyə qayıdaraq, gülləni atanın sinəsini dəlib keçirdi. Deyirdilər, o yalnız bircə halda, ona son dərəcə sədaqətli olan, yolunda ölümə getməyə hazır olan adamın gülləsindən ölə bilərdi. Güllə yalnız rəhmlə atılmalıydı ki, təsiri olsun, deyirdilər… onu yalnız rəhmlə atılan gülləylə öldürmək olardı. Tapdığımız bütün meyidlər onun bədəninə görə balaca idisə də, ələ keçirdiyimiz geyimin məhz onun mundiri olduğuna qəti əmin idik, çünki az-maz da olsa, onun yüz yaşınacan boy atıb böyüməyindən xəbərimiz vardı, onu da bilirdik ki, yüz əlli yaşına çatanda o, üçüncü dəfə təzə diş çıxarmışdı. Ağzındakı dişlər də elə xırdaydı, elə bil süd dişləriydi, sarımtıl ləkəli dərisi isə elə sallanırdı, elə bil o, nə vaxtsa həddindən artıq kök olmuşdu… qalan hər bir şeyi isə qaydasındaydı, bədəni, orta boylu adi adam bədəni idi, əcaib ölçülü yekə qarnından, qızılquşun caynağına bənzər əyridırnaqlı, dördkünc ayaqlarından savayı qeyri-adi bir şeyi yox idi. Bir də, nə vaxtsa qartalların dəlib çıxardıqları kədərli gözlərinin dəlikləri niyəsə həddindən artıq yekəydi. Bir sözlə, bu adam, tarixçilərin təsvir elədiyi kimi, o qədər də hündürboylu deyildi ki, sarayın dar və alçaq qapılarından keçə bilməsin. Bu, deyilən kimi, uşaqları və qaranquşları sevən, bir çox heyvanların dilini bilən, təbii fəlakətləri qabaqcadan hiss eləyən, gözlərə baxıb ürəkləri oxuyan, bir çimdik duzla cüzamlı yaralıları sağaldan, iflicli xəstələri ayağa qaldıran, şəfqət duzunun sirrini bilən adama oxşamırdı, onun haqqında bütün danışılanlar, əlimizə keçən mundirlərinin ölçülərindən fərqli olaraq, onun, həddindən artıq möhtəşəm cüssəsindən xəbər verirdi. Mənşəyinə gəldikdə isə, bu barədə bütün məlumatların və qaynaqların məhv edilməsinə baxmayaraq, hamı bilirdi ki, o, aran adamı idi, çünki onda, bütün aranlılara məxsus hakimiyyət hərisliyi vardı. Qəddar idarəçilik üslubu - daim qanıqara gəzməsi də buna bir sübut idi, dənizimizi, bilərəkdən xarici dövlətlərə satıb, bizi, ölü külünü andıran qupquru tozanağa bürünmüş ucsuz-bucaqsız səhrada yaşamağa məhkum etməsi də. Şəxsi həyatına qalanda isə, deyirdilər, saysız-hesabsız sevgililərindən, daha doğrusu, yatdığı arvadlardan (əslinə qalsa, bu qadınların heç birini o sevməmişdi) onun beş mindən çox uşağı vardı və bu uşaqlardan heç birinə, ağıllı-başlı, tamam-kamal adam demək olmazdı. Bu uşaqların heç biri onun nə adını, nə də soyadını daşımırdı. Bircə Letisiya Nasarenodan olan oğlundan savayı. Bu uşaq, dünyaya gələr-gəlməz, general rütbəsi almış və ilk övlad hüququyla dairə diviziyasının komandanı vəzifəsinə təyin edilmişdi. O da ona görə ki, bu uşağı Letisiya doğmuşdu. Qalan uşaqlara gələndə isə, sahibləri belə hesab edirdi ki, uşaq tək bir anayla da kifayətlənə bilər. Çünki o özü də, digər görkəmli despotların taleyinə uyğun olaraq, atasının üzünü görməmişdi. Görüb tanıdığı, bircə anası Bendisyon Alvarado olmuşdu. Bütün dərsliklərdə də yazılmışdı ki, Bendisyon da, Müqəddəs Mariya kimi, yuxuda ikən bakirə hamiləlik möcüzəsi ilə boylu olmuş və ali qüvvələr uşağın alnına möminlik taleyi yazmışdı. Odu ki, hakimiyyət zirvəsinə çatan kimi o, xüsusi dekretlə Bendisyon Alvaradonu Vətən anası elan etdi – çünki belə ana dünyada bircə dənə idi, «Ona görə ki, lənət şeytana, bu mənim anamdır!»
Əslində isə bu, nəsli-kökü bilinməyən, ağlasığmaz dərəcədə sadəlövh və dağınıq təbiətinə görə, saraydaxili qayda-qanunları bütün ciddiliyi ilə qoruyub saxlayan əyanların nifrətini qazanan qəribə bir qadın idi. Heç kim bu qadının, yəni dövlət rəhbərinin anasının, qəm-kədər çəkməsin deyə, döşünə çörəkotu düyünü taxıb gəzməsiylə, kürünü çəngəllə, özü də hər dənəsini çəngələ ilişdirə-ilişdirə yeməsiylə, laklı çəkmələrini, ayaqlarından ağır qandallar asılıbmış kimi, arxasınca sürüyən yerişiylə heç cür barışa bilmir, onun, musiqi məşqləri keçirilən şüşəbənddə arı pətəkləri bəsləməyindən, dövlət idarəsinin binasında toyuq saxlamağından hiddətlənir, tükləri bozarmış, ütük quşları akvarel rəngləri ilə rəngləyib bazarda satmasından, əzəldən tarixi nitqlər söylənilmiş mötəbər prezitdent eyvanında, yuyulmuş paltarları qurutmağından əsəbiləşirdilər. Rəsmi qəbulların birində isə, onun giley-güzarından hamının az qala ürəyi dayanmışdı. O, oğlunun prezidentlik əsarətindən azad olunması üçün gecə-gündüz Allaha yalvarmaqdan bezdiyi üçün prezident sarayında yaşamağın çətinliklərindən şikayətlənirdi: «Elə bil gecə-gündüz projektorların altındayam, senyor!» O, bu sözləri mili bayram günündə, əlində boş şüşələrlə dolu səbət, fəxri qarovulu itələyib özünü prezident limuzininə dürtüşdürəndə dediyi kimi, elə-beləcə də demişdi. Camaat əl çalır, təntənəli musiqi səslənir, yollara güllər səpilir, limuzin fəxri paradı açmağa hazırlaşır, Bendisyon Alvarado isə şüşə dolu səbətini maşina soxuşdurub: «Onsuz da dükana tərəf gedirsən, oğul, bu şüşələri də qaytar!» - deyirdi. Yazıq ana… Axı o, nə biləydi ki, tarixi an nə deyilən şeydi?! Bu qadında zərrə qədər də olsun, siyasi həssaslıq yox idi. Bu çatışmazlıq, ələlxüsus, admiral Xiqqinsin rəhbərlik etdiyi Amerika hərbi donanmasının yerləşdirilməsi şərəfinə verilən banketdə özünü büruzə verdi. Banketdə, oğlunu ilk dəfə parad geyimində – döşü qızılı orden-medallarla bəzədilmiş formada, ipək əlcəklərdə görən Bendisyon Alvarado, içinə sığmayan analıq qürurunu gizlədə bilməyib, diplomatik korpus boyunca bərkdən-bərkdən: «Bilsəydim balam bu boyda ölkənin prezidenti olacaq, heç olmasa onu oxudardım!» - dedi. Bu, misli görünməmiş fəlakət idi…
Prezident biabır olmuşdu... Buna görə Bendisyon Alvarado təcili surətdə saraydan birbaşa şəhər kənarındakı on bir otaqlı malikanəyə köçürüldü. Bu malikəni oğlu, həmin o tarixi gecə – qaçaq düşmüş konservatorların dəbdəbəli evləri qumara qoyulan gecə, qələbə çaldığı Federasiya tərəfdarlarının başçılarından udmuşdu. Lakin bu imperiya vaxtından qalan qədim ev qətiyyən Bendisyon Alvaradonun ürəyinə yatmırdı: «Buralara baxanda, senyor, elə bilirəm, Roma papasının arvadıyam». Odur ki, qadın evin, ağalar yaşayan hissəsində yox, altı nəfər sədaqətli, ayağıyalın qulluqçularıyla birlikdə xidmətçilərin otağında yaşayır, vaxtının çox hissəsini həyətin kənarındakı sərin otaqda - quş qəfəslərinin və tikiş maşınının önündə keçirirdi. Bu yarıqaranlıq zirzəmiyə bənzər otağa, demək olar, heç vaxt isti toxunmurdu, axşamlar ağcaqanadlar da burda bir elə zəhlə tökmürdü. Bendisyon Alvarado burda, kimsəsiz həyətdən içəri sızan zəif işığın altında sakitcə öz işləri ilə məşğul olur, tikiş tikir, quşları, hər biri qu quşuna çönənəcən, akvarel rəngləri ilə rəngləyir, tamarinlərin təmiz havasını ciyərlərinə çəkə-çəkə öz-özünə: «Yazıq balam, bu nə zülümdü çəkir?!... Andıra qalmış o dəniz ordusu onu saray dustağı eləyib. Yanında ana yox, qədirbilən arvad yox. Ayda aldığı ütük üç yüz pesoya görə canını əldən salıb. Yorulub əldən düşəndə, ağrısı kürəyindən çıxanda, kim onun başına sığal çəkəcək?!.. Yazıq balam!..» - deyə deyinirdi.
Ana bu sözləri elə-belə demirdi. Axı, oğlu, demək olar, günaşırı - bütün şəhər siesta saatlarında bürküdən boğulanda anasına baş çəkməyə gəlir, onun xoşladığı şirniyyatlardan gətirir, dəniz piyadalarının əldəqayırma başçısı qismində payına düşən miskin qazancından, gətirdiyi bu şirniyyatı, təsadüfən nahar süfrəsinin üstünə atdığı salfetin altından çırpışdırdığından, xərclədiyi hər qəpiyin, yeməyinin qalığının belə, lənətə gəlmiş qrinqoçuların öz hesab kitabçalarına qeyd etməsindən gileyli-gileyli danışır, qeybət qırıb ürəyini boşaldırdı. Bu yaxınlarda isə, deyirdi, zirehli gəminin komandiri, başa düşmək olmurdu, astronomlar idi, ya xəritəçilər idi, kimlər idisə, sürüyüb özüylə saraya gətirmişdi. Onlar ona Allahın salamını belə verməmiş, onu adam yerinə qoymadan, dinməz-söyləməz, yerölçənlərlə otaqları eninə-uzununa ölçə-ölçə, ağızlarının içində nə isə hesablaya-hesablaya, onun üstünə tərcüməçi vasitəsi ilə: «Çəkil burdan! İşıqdan keç! Mane olma!» - deyə çımxırmışdılar. O da deyilənlərə sakitcə əməl edib, «çəkil» deyəndə, çəkilmiş, işığın qabağını kəsməmək, əl-ayağa dolaşıb mane olmamaq üçün az qala küncə qısılmışdı. O birilər isə elə hey ölçüb-biçir, onu burdan-ora, ordan-bura qova-qova, hər bir şeyi, hətta eyvanların hər pəncərəsindən içəri dolan işığın düşmə dərəcəsini belə hesablayırdılar.
«Hələ bu harasıdır, ana!» Sonra məlum oldu ki, onun iki aşnasını da saraydan qovub çölə atıblar, çünki admiral Qrinqonun fikrincə, «bu əyrimçə qızlar prezidentə layiq deyilmişlər…» Bu səbəbdən prezident elə vəziyyətdəydi ki, anasıyla xudahafizləşib evdən çıxanda, oğlunun, çönüb özünü boş otaqlara salmasını, orda qabağına keçən qulluqçularla gizlənpaç oynamasını hiss eləyəndə, quşlarını didişdirib qarmaqarışıqlıq saldı ki, yarıqaranlıq otaqlardan eşidilən biabırçı səslər – oğlunun yalvarışları, qulluqçunun boğuq səslə: «Əl çəkin, yoxsa ananıza deyərəm!» - deməsi, quşların cikkiltiləri, qanad şıppıltıları içində əriyib itsin və qonşular bu işdən xəbər tutmasın. Bendisyon Alvarado, qanadlı sakinlərinin halına acımadan, bədbəxt quşları elə hey çimdikləyirdi ki, səslərini kəsməsinlər, bircə heç kim oğlunun qaynar nəfəsini - qadınları soyundurmadan, özü də soyunmadan, küçük zingiltisiylə zingildəyib, acı tənhalıq yaşı yanağını islada-islada, özünü ayaqüstü rahatlayan bu kəmhövsələ, zəif kişinin səsini eşitməsin. Bütün bu vay-həşirdən hürkən toyuqlar otaqlara doluşub özlərini sərin künclərə soxdular. Hava isə sərinləmək bilmirdi ki, bilmirdi. Hava, elə bil ərinmiş şüşə idi. «Can bala, avqustun bu cəhənnəm istisində, günorta saat üçdə bu nə sevgibazlıqdı?!»
Xarici dövlətlərin qoşunları ölkədən çıxıb gedənəcən prezident çox kasıb idi, ixtiyarı da öz əlində deyildi. Qoşun isə ölkəni çox tez bir zamanda, müqavilə müddəti başa çatmamış tərk etdi. Səbəbi çox sadə idi: ölkəni taun bürümüşdü. Taundan qorxuya düşmüş qoşun, zabitlər yaşayan kottecləri hissə-hissə söküb yük maşınlarına yığır, çəmənliyə sərdikləri sintetik, mavi gölməçələri xalça kimi bürmələyib döşəmələrdən qoparır, bizim çayların bulanıq suyundan istifadə eləməmək üçün, özləriylə gətirib gəldikləri su sisternlərini boşaldıb zirzəmilərə yığır, tikib ucaltdıqları hərbi qospitalların ağ binalarını, kazarmaları partladırdılar ki, heç kim onların inşaat sirrlərini öyrənə bilməsin. Bircə, isti iyun gecələri, tez-tez admiralın qorxunc ruhu görünən limanda yırğalanan qədim, zirehli gəmiyə toxunmadılar. Hərbi donanmadan onlara yadigar qalan bircə bu zirehli gəmi oldu. Qalan nə vardısa, hamısını yığışdırıb öz yel qatarlarında apardılar. İstirahət avadanlıqlarını, xırda müharibələr üçün gətirdikləri ləvazimatları da yığışdırıb özləriylə apardılar. Bütün bunları aparmazdan əvvəl öz vicdan borclarını yerinə yetirməyi də unutmadılar – ölkə rəhbərini qarşılıqlı mehriban münasibətlərinə görə medalla təltif etdilər, sonra isə: - «Vəssalam! İndi bu murdar məmləkətdə tək qal! Görərik bizsiz neyləyəcəksən!» - deyib elə çığırdılar ki, səsləri ölkəni başına götürdü. Və getdilər. «Getdilər, ana, cəhənnəm oldular axır!» Və nəhayət ki, o, pilləkənlərlə ilk dəfə, daha naxıra girən öküz kimi yox, ağa kimi qalxa-qalxa, heç kimdən qorxmadan, heç nədən çəkinmədən, ucadan əmrlər verməyə, bütün təklif və xahişlərə şəxsən özü nəzarət eləməyə başladı: «Xoruz döyüşlərinə icazə vermək olar?» - «Mən razı!» «Çərpələng necə, göyə çərpələng buraxmaq olar?» - «Olar!» O, qəsbkarların qadağan etdiyi bütün əyləncələri yenidən bərpa etdi və qadağaları ləğv etdikcə, öz hökmranlığının əzəmətini duydu, sonradan görəndə ki, onun bir sözünü iki eləyən yoxdu, hakimiyyəti doğrudan-doğruya təkbaşına, şəxsən özü idarə eləməyə - ilk növbədə milli bayrağın zolaqlarının yerini dəyişib yuxarı zolağı aşağıda, aşağı zolağı yuxarıda yerləşdirdi, dövlət gerbindəki firqə qapağını, başıaşağı çevrilmiş əjdahayla əvəz eləməyi əmr etdi. Ona görə ki, biz artıq xaltasızıq, ana! «Yaşasın taun!»
Xarici qəsbkarlar ölkədən çıxıb gedənəcən keçirdikləri miskin həyat - biabırçı asılılıq və kasıbçılıq, hətta arada bir dilənçi vəziyyətinə düşməkləri Bendisyon Alvaradonun heç cür yadından çıxmır, Patrisio Araqonesin ölümüylə qurulan tamaşadan sonra da, oğlu tabutdan xortlayıb üsyanı yatırdandan sonra da, bolluq və müvəffəqiyyət dənizində üzəndə də Bendisyon Alvarado yenə ehtiyac içində yaşadıqlarından danışıb şikayətlənirdi. O günlər, əvvəl-əvvəl heç nədən xəbəri olmayan Bendisyon Alvarado, onu dinləməyə hövsələsi çatanlara, prezidentin anası ola-ola, bu cındır tikiş maşınından savayı heç nəyi olmadığından, oğlunun müflis vəziyyətindən şikayətlənirdi: «Siz onu faytonda görürsünüz, senyor, onu məşəllərlə müşayiət edirlər, amma, yazıq balamın qəbristanlıqda ovuc boyda yeri belə yoxdur. Ayağını uzadıb ölməyə özü üçün bir qarış torpaq belə almayıb, balam. Bu da işdi, senyor?.. Bu qədər əlləş-vuruş, bu da axırı...» Bir qədərdən sonra isə arvad daha oğlunun dərdlərindən söz açmırdı, çünki oğlu daha öz dərdlərini anasıyla bölüşmürdü, ona heç nə barədə danışmırdı, həmişə elədiyi kimi, arada bir vaxt tapanda yanına qaçıb dövlət işlərində qurduğu kilkəli torlardan, gizli sirlərindən söz açmırdı. Ümumiyyətlə, qəsbkarlar ölkədən çıxıb gedəndən sonra oğlu çox dəyişmişdi, hərdən Bendisyon Alvaradoya elə gəlirdi ki, oğlu ondan da qocadır, ona elə gəlirdi ki, oğlu, hansı möcüzəyləsə, vaxtı da qabaqlayırd. Axır vaxtlar anası hiss eləməyə başlamışdı ki, oğlunun nitqi də get-gedə anlaşılmaz, qocasayağı əlaqəsiz olub, o, sözlərdə büdrəyir, fikirləri, sapı qırılmış muncuq kimi pərən-pərən düşür, hərdən bir də ağzının suyu axır... Onda Bendisyon Alvaradonun ürəyi əzilirdi, ananın oğula yox, qızın ataya yazığı gələn kimi, ürəyinin başı sökülürdü. Ürəyi ən çox da, bir dəfə oğlu, qucağı hədiyyələrlə, paketlərlə, karton bağlamalarla dolu içəri girib, bağlamaların hamısını birdən açmaq istəyəndə və Bendisyon Alvarado qayçını axtarıb tapanacan, bağlamaların ipini dişiylə didişdirib, dırnaqlarını karton qutuların künclərində sındıranda, sonra hövsələsi daralıb, hər şeyi stolun üstünə səpələyərək, təntənənin həyacanından boğulan nəfəsi təngiyə-təngiyə: «Bir bax, burda nələr var, ana! Görürsən? Bu akvariumdakı – diri su pərisidi, bu, oyuncaq mələkdi, doğurçu mələk boydadı, ora-bura uçub zəng çalacaq; bax bu, okean balıqqulağıdır, görürsən nə boydadı?.. Bunu qulağına tutsan, ordan adi balıqqulaqları kimi, okeanın səsi yox, bizim milli himni eşidəcəksən! Əla şeylərdi, düzdü, ana?.. Görürsən, dövlətli olmaq necə şeydi?!...» - deyəndə ağrımışdı. Oğlunun bu əcayib sevinci onda Bendisyonu açmamışdı və o, dinməz-söyləməz, quşları rənglədiyi fırçasının quyruğunu çeynəyə-çeynəyə, oğluna baxa-baxa qalmışdı, uzaq keçmişi, oğlunun hakimiyyətdə nəyin bahasına qalmasını xatırlamışdı… bütün o məşəqqətlərin nəticəsi indi göz qabağındaydı...
«O vaxt, indiki vaxtlar kimi deyildi, senyor, hakimiyyətin möhkəmliyini budu bax, ovcunun içi kimi hiss edəsən. O vaxt hakimiyyət, balamın sözü olmasın, ovcunun içində o yan-bu yana diyirlənən şüşə kürəcik kimi bir şey idi, sabalo balığı kimi sürüşüb, Allahın nəzərindən qaçıb, bu qarmaqarışıq sarayın içində sülənə-sülənə sivişib aradan çıxmaq istəyirdi elə bil. Bütün bu qarmaqarışıqlıqda, onu Federasiya uğrunda döyüşdə qalib gələn bir sürü tamahkar - bir vaxtlar, şair-general Lautaro Munyos kimi diktatoru yıxmaqda ona kömək eləyənlər izləyir, ona, sarayın divarlarından kənara çıxmağa imkan vermirdilər. Bu xidmətlərinə görə keçmiş həmfikirləri, feodalların ölkəsindən sürüb gətirdikləri mal-qaranı və bir sıra torpaqları tələb edirlər, ölkəni də onlar bir neçə muxtar vilayətə bölüb, hərəsi birinin başında oturdu və belə ərz elədilər ki, uğrunda qanlarını tökdükləri Federasiya elə bu deməkdi. «Qanımız və canımızla, mənim generalım!» Sonra da bu vilayətlərdə otura-otura özlərindən monarx düzəltdilər, öz qanunlarını yaratdılar, ad günlərini milli bayram elan elədilər, şəxsi imzalarıyla pul əskinazları buraxdılar, qızıl və gümüşlə işlənmiş parad mundirlərində gəzməyə başlaldılar, qılıncların qınını qızıldan düzəltdirdilər, üstünə briliyantlar düzdürdülər, başlarına, tovuz quşunun lələklərindən düzəldilmiş üçkünc papaqlar taxdılar. Məlum məsələydi ki, bütün bunları onlar, vitse-kral dövrünün qədim litoqrafiyalarından baxıb götürürdülər. Onlar kəndçi idilər, senyor, yöndəmsiz, yonulmamış kəndçi, saraya da dəvətsiz-filansız gəlib soxulurdular, özlərini də heç sındırmırdılar: «Dövlət – bizik, mənim generalım, ölkə bizim hamımıza mənsubdur. - deyirdilər. - Ölkə də, uğrunda ölümə getdiyimiz bu saray da, elə deyil?» Onlar tək gəlmirdilər, özləriylə arvadlarını da – bir sürü arvad gətirib gəlirdilər. Çəkməsiz-filansız, iyli corablarda gəzən bu bir yığın qulduru, sözün əsl mənasında vəhşiləri şəxsi qarovul müşayiət eləyirdi. Xristian dilində demək olar, danışa bilmirdilər, amma aşıq-aşıq, kart və digər oyunları fırıldaqla aparmağın, istənilən silahla davranmağın ustasıydılar. Ardı-arası kəsilməyən, çağrılmayan bu yöndəmsiz qonaqlara görə prezident sarayı qaraçı köçünü xatırladırdı, senyor. Burda bir iy vardı, elə bil çaylar bütün üfunətli sularını axıdıb buralara tökmüşdü. General ştabının zabitləri sarayın bütün mebelini öz evlərinə daşıyıb aparmışdılar. Axı bu, respublikanın əmlakı idi, senyor!» Onlar hökumət imtiyazlarını dominoda - gecə-gündüz bu xarabada səliqə-səhman yaratmaqdan ötrü əldən-dildən düşə-düşə, azca da olsa, ortanın zir-zibilini təmizləməyə çalışan Bendisyon Alvaradonun deyintisini qulaqardına vura-vura bölüşdürdülər. Federalçıların liberal hərəkatının, getdikcə eybəcər bir şeyə çevrildiyini, hər şeyin dağılıb məhv olduğunu görən yeganə adam Bendisyon Alvarado idi…
Federalçıların bu bayram əhvalından, yüksək dövlət vəzifələrini kartda bölüşdürmələrindən, fahişələri royalın dilləri üstə uzatmaqlarından əsəbiləşən Bendisyon Alvarado, onları süpürgəylə də qovub saray otaqlarından çıxara bilmirdi. Albastr amforlarına çölə çıxdıqlarını görəndə isə: «Yox, senyor, bu, sizin üçün unitaz da deyil, qarşok da deyil… bu, amfordur, onu dənizin dibindən tapıb çıxarırlar…» - deyəndə belə, onlar elə hırıldayır, yenə öz işlərinə davam edir, bu nadir amforları bulayıb eybəcər vəziyyətə salırdılar: «Ağzı üstə yerə yıxdığımız xozeynlərin acığına, senyora! Qoy özlərindən amfor-mamfor düzəltməsinlər!» Onları heç cür saxlamaq olmurdu. General Adriano Tusmanı Allah saxlaya bilmədiyi kimi. Prezidentliyinin onilliyi günü, generalın içib nə hoqqalar çıxardığı çox adamın yadındadı. «Bizim heç ağlımıza belə gəlməzdi ki, o, nə hoqqa çıxara bilər!» O, yüngül parçadan qar kimi ağappaq formada, mənə söz verdiyi kimi, silahsız-filansız gəlmişdi. Onu, adi vətəndaş geyimi geymiş fransız mühafizəçiləri – xarici legiondan çırpışdırdığı əsgərlər müşayiət edirdi. Qucağı da, generalın Kayennadan, nazirlər və saray arvadları üçün gətizdirdiyi hədiyyələrlə dolu idi. Tusman özü isə bir-bir hər qadının ərinin qabağında əzilib büzülə-büzülə, hədiyyəni təqdim eləmək üçün icazə istəyə-istəyə verirdi. Bu ədanı da ona fransızlar öyrətmişdi, guya fransız saraylarında belə eləyirdilər. Qadınların hədiyyələri paylanandan sonra Adriano Tusman zalın küncündəki mizin arxasında əyləşib rəqslərə tamaşa eləyə-eləyə, başını yelləyə-yelləyə zövq almağa, bu rəqslərdən xoşlandığından və ümumiyyətlə, bu avropalıların rəqsindən çox xoşu gəldiyindən danışmağa başladı. İlk baxışda elə bil o sakit idi, dinməz-söyləməz bir tərəfdə oturub rəqsə tamaşa edirdi, amma mən gördüm ki, onun cangüdənlərindən biri altdan-altdan elə hey onun badəsini şampanla doldurur.
Bir də gördüm, Tusman bu qazlı içkidən qızarıb elə kökə düşdü ki, ağ kitelinin düymələrini bir-bir açmağa sonra hıçqırmağa, arada bir gəyirməyə başladı, sonra başını lap itirdi. Bir də gördüm, rəqslər arada kəsilmişdi, yerindən durub şalvarının qabağını açdı və budu ha, hamını, hər yeri «sulamağa» başladı. Bu qoca əyyaş qadınların ipək paltarlarını, tovuz lələyindən yelpiklərini, çəkmələrini də islatdı! Məlum məsələdi ki, aləm bir-birinə dəydi, bir haray-həşir qopdu ki, gəl görəsən. Tusmanınsa heç nə vecinə deyildi, camaatın üst-başını islada-islada, özü üçün oxuyurdu: «Bu mənəm, üzü dönük sevgilim, qoy bağçanın güllərinə su səpim... Ah gözəl güllər!» Heç kim də onun yaxasından tutub qırağa çəkməyə ürək eləmirdi. «Elə mən özüm də ürək eləmirdim. Hərçənd ki, mənim gücüm o biri generallara çatardı, amma ikisi birləşsəydi, ağlım kəsmir ki, əlimdən bir iş gələrdi.» Hə, belə-belə işlər, hələ onda heç kim prezidentin qranit kimi möhkəm olduğunu, hər şeyin mahiyyətini dəqiq gördüyünü, hamının qarnının altındakını bildiyini, beşcə dəqiqədən sonra nə edə biləcəyini, səbrinin və qəddarlığının həddini, dahiyanə pusub gözləmək və vaxtı çatanda məhv eləmək qabiliyyətini, demək olar, bilmirdi.
Həmin o dəhşətli gün ona, ordu komandiri Narsiso Lopesin anis arağından ölüncə içib tualetdə əcnəbi bir zabitə qəmiş olaraq, onu təcrübəli fahişə kimi, qeyri-təbii cinsi əlaqəyə məcbur etməyini, özünə gələndə isə acığından və pərtliyindən, zabiti iclas zalına sürütləyib orda nizəsiylə, kəpənəyi divara yapışdıran kimi, bahar mənzərəsi təsvir olunmuş divara oxladığını, bədbəxt zabitin düz üç gün həmin o divardan asılıb qaldığını, heç kimin də qorxudan meyidə yaxınlaşa bilmədiyini hesabat verəndə, prezidentin gözlərinə nəhayətsiz bir kədər qonmuşdu, dodaqları ağarmış, qılıncının üstünə qonan incə əli titrəmişdi. Əslinə qalanda isə, bu hadisədən ən az narahat olan, elə prezidentin özü idi, əsas məsələ bu idi ki, «təki ətrafındakılar birləşib ona qarşı çıxmasınlar». Onların qalan hərəkətlərinə isə o, bir o qədər də əhəmiyyət vermirdi. Bu hərəkətlər gec-tez hamının diqqətini cəlb edəcəkdi və gec-tez bu can bir qəlb arxadaşlar bir-birini məhv edəcəkdi. Elə də oldu. Günlərin bir günü ona xəbər çatdı ki, general Xesukristo Sançesi öz şəxsi mühafizəçiləri stulla öldürməyə məcbur olublar, çünki sən demə, necə olubsa, Sançesi pişik dişləyibmiş və onu quduzluq tutubmuş – zavallı Sançes! Bu xəbərin ardınca daha bir xəbər yayıldı ki, general Lotario Sereno çayda batıb. Deyilənə görə çayı atla keçərkən, qəfildən ata nə isə olub və yazıq at durduğu yerdə kəllə-mayallaq aşaraq, general Sereno gözünü açıb-yummağa macal tapamamış, suyun dibinə gedib – bədbəxtçiliyə bir bax! Bir az keçmişdi ki, bir təzə xəbər də yayıldı: «General Naseriqo de Lopes öz biabırçı homoseksuallığına dözə bilməyib və dinamiti bir yerinə soxaraq, özünü partladıb, mənim generalım, özü də tikə-tikə olub!» Onların hamısı beləcə, bir-birinin ardınca gedirdi, o isə kədərli üzüylə hər biri üçün: «Yazıq!» deyirdi və heç kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil ölümlər bilavasitə onun gizli əmriylə həyata keçirilir. Hər ölən haqqında hörmətlə rəsmi xəbərlərdə belə məlumat verilirdi: «vəzifə borcunu yerinə yetirərkən həlak olub». Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbristanlığında dəfn edilirdi. «Qəhrəmansız vətən, qapısız ev kimi bir şeydir, senyor!»
Onda ki, bütün ölkə üzrə, müharibə illərinin od-alovundan onunla çiyin-çiyinə keçən generallardan cəmi altısı qaldı, o, onların hamısını – ağac spirtini barıtla qarışdırıb içən ən təhlükəli və xəbis general Xasinto Alqarabia daxil olmaqla, hamısını bir nəfər kimi öz ad gününə - prezident sarayında qurulmuş qonaqlığa dəvət elədi, senyor! «Özümüz olacağıq, – onlara dedi – bizdən, silahdaşlardan savayı heç kim olmayacaq! Keçmişlərdəki kimi, silahsız-filansız bir yerə yığışıb kef edəcəyik! Hamımız birlikdə, süd qardaşları kimi baş-başa!» Onlar da gəldilər, senyor, sövdələşdikləri kimi, silahsız – sursatsız gəlib banket zalına girdilər, amma cangüdənlərini də gətirmişdilər, onlar qonşu otaqda oturmuşdular.
Qonaqlar əliboş gəlməmişdilər, ona cürbəcür gözəl hədiyyələr gətirmişdilər: «Hamımızı birləşdirən yeganəmizə!» Onun bu dəvətinə hətta general Saturno Santos da səs vermişdi – əfsanəvi Saturno Santos, heç kimə inanmayan, xainqəlbli xalis hindu oğlu – qış-yay ayağı yalın gəzən, həmişə də: «əsil kişi ayağının altında torpağı hiss eləməlidi.» - deyən Saturno. Həmin qonaqlığa o, arandakı oyuğundan çıxıb gəlmişdi. Ora da eləcə ayağı yalın, üstündə əndirəbadi heyvan şəkilləri çəkilmiş əcayib pançoda, həmişəki kimi də təmtək, mühafizəçisiz, amma silahlı gəlmişdi. Silahı da təhvil verməkdən ona görə boyun qaçırmışdı ki, dediyinə görə, bu silah onun üçün döyüş silahı yox, onun əmək alətidi. «O mənə qızılquş bağışladı, ana, namuslu döyüş münasibətilə, üzbəüz, mərd döyüşə görə əsil döyüş quşu bağışladı. Özüylə arfa da gətirib gəlmişdi, ana… çovğunları yatırdıb bol məhsul bitirən müqəddəs arfanı. O arfanı o, sidq-ürəkdən, xüsusi bir incəliklə çala-çala, yadımıza kövrək müharibə illərini, müharibənin vahiməli başlanğıcını saldı. Bu xatirələr, qoturluq gicişməsi kimi canımıza yeridi, burnumuza müharibənin iyi də gəldi. Bizi uzaq günlərə çəkib aparan döyüş atı haqqında mahnısıyla lap ürəyimizin başını sökdü və biz hamımız cuşa gəlib xorla, ürəkdən oxumağa başladıq: «...Körpüdən gözü yaşlı qayıtdım...» Onlar, içinə gavalı basılan hinduşkanı, qızardılmış qabanı bircə göz qırpımında gəvələdilər… yedilər, içidilər, oxudular. Hər biri də içikini, öz şəxsi flyaqasından içirdi. Bircə general Saturno Santosla o heç nə içmirdi və demək olar ki, yemirdilər, çünki onların hər ikisinin həyatları boyu dillərinə içki dəyməmişdi, yeməyi də, adətən aclığı öldürmək üçün yeyirdilər. Hərbi mahnılarından sonra generallar dostlarının şərəfinə gözləri yaşara-yaşara çar Davidin sübh dualarını oxudular, sonra səfir Panelin bir vaxlar prezidentə hədiyyə elədiyi «Ad günün mübarək!» mahnısınacan, bütün təbrik mahnılarını bir-bir oxudular. Qədim silahdaşlarını – qəm-kədərə batmış qanıqara qocanı az qala yalaya-yalaya, anqırışa-anqırışa oxuya-oxuya, elə hey içdilər-içdilər. Məclis başa çatanda isə, sübhə yaxın o, köhnə kazarma vərdişiylə əlində çıraq, bütün sarayı gəzdi, bir-bir otaqlara baş çəkdi, öz döyüş dostlarına bir də, son dəfə baxdı: Saturno Santosdan başqa onların altısı da içkinin təsirindən keyləşib ağırlaşaraq, bir-birini qucaqlaşıb yatmışdılar. Özləri quru döşəmənin üstünə sərilmişdilər, mühafizəçiləri də yanlarında əyləşmişdi. Bircə Saturno Santosdan savayı. Bircə onun mühafizəçisi yox idi. O birilərin mühafizəçiləri isə bir-birindən gözünü çəkmirdilər, çünki döşəmədə qardaş kim qucaqlaşıb dərin yuxuya getmiş generalların həm də bir-birindən dəhşətli dərəcədə qorxduqlarından xəbərdar idilər. Onların hər biri beləcə prezidentdən də qorxurdu, prezident isə öz növbəsində onlardan qorxurdu, çünki, belə hesab edirdi ki, iki nəfərin birliyi – artıq qiyam deməkdir. O, bir müddət yatanlara baxıb öz yataq otağına yollandı, çırağı qapısının yanındakı qırmağa keçirib kilidi üç dəfə açarladı, üç qıfılı bağlayıb üç zənciri çəkib üzü üstə döşəməyə düşdü, üzünü balışa basan kimi ovuclarına basıb uzandı və elə həmin dəqiqə saray, gecə qarovulunun yaylım atəşlərinin gurultusundan titrəməyə gəldi. Bir! İki!.. «Vəssalam… və hər şey səs-küysüz, güllə-baransız, ah-naləsiz, birdəfəlik həll olundu!» Və gurultudan sonra qalan, barıtın havadan asıla qalan səssiz dumanı oldu.
Səhəri gün isə yuxudan ayılanda o, bir daha heç kimin və heç nəyin, onun möhtəşəm hakimiyyətinə zərrə qədər xələl toxundura bilməyəcəyindən əminliyini hiss edib rahatlandı. Əsgərlər ayaqlarını qanlı gölməçələrlə şappıldada-şappıldada axşamkı qonaqlığın tör-töküntüsünü təmizləyirdilər, bu dəhşətli hadisədən az qala ağlını itirmiş Bendisyon Alvarado başını tutub, əhəngləndikcə qan sızan divarlara baxırdı. Divarlar qanla tərləyirdi. Xalıları sulu paltarı sıxan tək, nə qədər burub sıxırdılarsa, qanın ardı kəsilmirdi, dəhlizlər boyu qıpqırmızı şırımlarla axır, otaqlara dolurdu… Son müharibənin igid qəhrəmanlarının qətlini ört-basdır eləməkdən ötrü səylə yuyulub silinən, divarlardan qaşınan qan, azalmaq əvəzinə, əksinə, elə bil get-gedə bir az da artıb çoxalırdı. Bu qanlı qətl barıdı rəsmən elan olundu ki, müharibə veteranlarını, hansısa naməlum səbəbdən birdən-birə ağıllarını itirmiş öz mühafizəçiləri öldürüblər. Daha sonra öldürülənlərin milli bayrağa bürünmüş cənazələri qəhrəmanlar qəbristanlığında basdırıldı, dualarını isə yepiskopun özü oxudu. Generalların mühafizəçiləri də bu tələdən qaçıb canlarını qurtara bilmədilər. Bircə general Saturno Santos canını qurtara bildi. O da ona görə ki, Santos həmişə döşündə, onu güllədən zireh kimi qoruyan yeddi müqəddəs dua gəzdirirdi, «həm də ona görə ki, senyor, o, iblis idi, istənilən an nəyə istəsən çevrilə bilərdi…» Tısbağa da ola bilərdi, gölməçəyə də dönə bilərdi, istəsəydi, lap ildırıma çevrilərdi. Prezident buna bir daha, Saturno Santosu, yaquar ovlayan xüsusi ov itləri tapa bilməyəndə inandı. Falçı qarının dediyinə görə də belə çıxırdı ki, Saturno Santos sağdır:«Budur o, mənim generalım, bax, bu xaç padşah odur.» Onu nəyin bahasına olur-olsun tapmaq lazım idi, çünki bircə o hər şeyi korlaya bilərdi, çünki bircə o hər şeyi bilirdi. Odu ki, onu gecə-gündüz, aylarla, illərlə axtardılar və yalnız günlərin bir günü prezident onu öz vaqonunun pəncərəsindən - müharibənin şıdırğı vaxtı bütün şəhər əhalisi federal ordusunun ardınca getdiyi kimi, ev əşyaları və mal-qarasıyla bir, uşaqlı-arvadlı Santosun ardınca gedən camaatın arasında gördü. Gördü necə adamlar, bu solğun bənizli, əcayib geyimli, cırıq pançosunu çiyninə atıb yorğun-arğın yeriyən bu adamın ardınca, yağış başlarına döyə-döyə, qocalarını, xəstələrini ipdən hörülmüş həsirlərdə daşıya-daşıya gedirlər. Bu adam özünü övliya adlandırmışdı deyə, camaat onun ardınca gedirdi. Burda prezident əlini alnına vurub: «Bu ki, odur, lənət şeytana! Bu ki, Santosdur!» - dedi. Bu, doğurdan da Saturno Santos idi, özünü övliya elan eləyib etimadını qazanmış adamların hesabına - öz sehrli arfasında çala-çala yaşayırdı. Bu, o idi – adamların arasıyla, dilənçi kökündə, cırıq pançoda və nimdaş fetr şlayapasında, qaşqabaqlı üzüylə addımlayırdı. Bu miskin görünüşü ilə belə o yenə qorxunc görünürdü.
Onu ələ keçirmək - elə belə asan başa gələn məsələ deyildi. Həmin o gecə qonaqlıqdan qaçanda, onu tutmaq istəyən qarovulun ən cəsur və çevik əsgərlərinin üçünü də bircə həmləyə başsız qoyan o olmuşdu. Odu ki, prezident qatarı, qəbristanlığı xatırladan bu hüznlü çölün düzündə, övliyanın başına yığışmış camaatın yanında saxlamağı əmr elədi. Milli bayraq rəngində rənglənmiş qatardan, prezidentin əlisilahlı mühafizəçiləri sıçrayanda, camaat göz qırpımında hərə bir yana dağıldı, öz əfsanəvi arfasının böyründə oturan Saturno Santosdan savayı ortada bircə adam belə qalmadı. Saturnonun əli qılıncının dəstəyini sıxır, bərəlmiş gözləri prezident vaqonunun girəcəyinə zilləmişdi. General Saturno Santos, vaqonun qapısında peyda olan orden-medalsız, hərbi səhra forması geymiş silahlı adamı – öz qan düşmənini görəndə, heyrətə gəldi. Bu adam o qədər qoca, o qədər yad idi ki, «elə bil biz yüz il idi görüşmürdük, mənim generalım!» Prezident Santosun gözünə yorğun və tənha, qara ciyərinin şıltaqlığından saralmış dərisi və sulu gözləriylə xəstəhal göründüsə də, həm də onun qoca vücudundan axan qəribə hökmranlıq dalğasını da hiss elədi. Həmin bu dalğanın havasını prezident, bu sayaq havaların digər sahiblərinin hesabına - onları bircə-bircə məhv eləyə-eləyə yığıb toplamışdı. Odu ki, general Saturno Santos da artıq ölməyə hazır idi, hakimiyyət və yenə hakimiyyət ehtirasıyla yanan bu qocanı, heç nəyin və heç kimin saxlaya bilməyəcəyini anlayıb, müqavimət göstərmək fikrindən birdəfəlik vaz keçmişdi, lakin prezident Santosa öz əlini - manterayya* balığının bədəni kimi yumru və yastı ovuclu əlini uzadıb: «Allah köməyin olsun, vətənin şanlı oğlu!..» - dedi. O, yaxşı bilirdi ki, qəddi əyilməyən qürurlu düşmənə qalib gəlmək üçün yeganə silah, ona dostyana uzatdığın əldir. Və general Saturno Santos onun qarşısında dizi üstə düşüb ayağının altındakı torpağı öpərək: «İcazə verin, əlim silah tutanacan sizə sidq-ürəklə və inamla xidmət edim, mənim generalım!» - dedi. Bundan sonra o, Saturno Santosu öz yanına xidmətə götürdü, onu öz şəxsi mühafizəçisi təyin edib, belə bir şərt qoydu ki, Santos heç vaxt arxcasında dayanmamalıdı. O, stolüstü oyunlarını da Saturno ilə birgə, dördəlli oynaya-oynaya, dövlət xəzinəsiylə qaçıb gələn diktatorları udmaqla məşğul olmağa başladı. O, bədəni heyvan iyi verən ayağıyalın Santosu öz karetində gəzdirir, özü ilə hər yerə - diplomatik qəbullara belə aparırdı. Santosun, bəbir iyini andıran qorxunc qoxusundan itlər də hürküb kənara çəkilir, səfirlərin xanımlarının halı xarab olurdu. O, yuxusunu qorumağı belə Santosun ixtiyarına verib, onu öz yataq otağının qapısı ağzında yatırdırdı. Özü isə tənhalıq dolu gecələrlə, kiminsə lap yaxınlıqda yatdığından rahatlanır, onu hədsiz qorxudub gecələrlə əziyyət verən, yuxularına daxil olub onunla təkbətək, üzbəüz dayanan adamlardan beləcə qorunurdu…
O, Saturno Santosu uzun-uzadı illər – o biri padaqradan əziyyət çəkdiyindən yatağa düşənə qədər, əlindəki arfa susana qədər, Saturno Santos özünü onun ayaqlarına yıxıb: «Öldürün məni, general! Bircə sizin buna haqqınız var!..» - deyənə qədər, bir az aralıda da olsa, öz yanında saxladı. Sonra da babat təqaüd kəsdirib, sədaqətli xidmətinə görə döş nişanı ilə təltif edərək, onu son mənzilinə qovuşmaqdan ötrü, anadan olduğu düzənliyə göndərdi. Və hətta Santos, olan-qalan qürurunu tapdayıb, zəifliyini gizləməkdən utanmadan: «Görürsüz, mənim generalım, ən qüvvətli kişilər belə, vaxt gəlir, arvad kimi heydən düşüllər, onların atabaatasının...» - deyəndə, generalın gözü yaşardı. Bəli, oğlunun prezident kreslosuna nəyin bahasına gəlib çıxdığı Bendisyon Alvaradonun yaxşı yadındaydı və heç kim, generalın əyər-əskikliyini, dövlət xəzinəsini balaca uşaq şadyanalığıyla bərbad hala salmasını, xəzinənin pullarını necə gəldi, uşaqlıq və gənclik çağı xərcələmək imkanı olmadığı üçün, necə gəldi, sağa-sola biməsrəf səpələməsini onun qədər yaxşı bilə bilməzdi. Odu ki, adamların generalı asanlıqla aldatmaları, qiymətlərdən başı çıxmadığından, əllərinə gələni – cürbəcür xarici cıncıq-mıncığı ona yüz qatına sırımaqları onu əsəbiləşdirməyə bilməzdi. Axı, bütün bunların əsil qiymətini, kim də bilməsə, Allaha şükür, o ki bilirdi... Hər halda, bütün bunlar ən azı onun, akvarelləriylə boyanıb bazara çıxardığı quşlardan ucuz idi. Bu ütük quşların bu sayaq rənglənib ayrı bir qiyafəyə düşməsi, əməlli-başlı əl qabiliyyəti və ustalıq tələb edirdi, ona isə, bu boyda əziyyətinə görə heç kim dörd yüz pesodan artıq pul vermirdi. «Sənin bu oyuncaqlarına mənim sözüm yoxdur, amma hər halda gələcəyi də fikirləşmək lazımdı. Mən səni, prezidentlikdən gedəndən sonra, şlyapanı uzadıb dilənən görmək istəməzdim. Allah eləməsin, əlbəttə, amma bu, bu gün də olmasa, bir gün baş verə bilər, onda neyləyəcəksən? Yenə babat müğənni, ya arxiyepiskop, ya da heç olmasa, dənizçi olsaydın... Sən generalsan, bircə onu bilirsən ki, əmr verəsən: Bir-iki! Bununla dolanmaq olar?..»
O, oğluna, dövlət işlərinə ayrılmış xərclərdən qalan pulu, gözdəniraq, arxayın bir yeri qazdırıb orda gizlətməyi öyrətdi və başa saldı ki, bu gizli yer haqqında heç kim heç nə bilməməlidir. Bu pullar isə mütləq – öz ölkələrində taxtdan salınmış diktatorlara, unudulub yaddan çıxmış, nə vatsa, bir gün onları vətənlərinə qaytarmaq üçün ardlarıyca gələcək doğma gəmilərinin fitinə tamarzı qalmış prezidentlərə lazım olan kimi, bir gün ona da, canını götürüb qaçacağı gün lazım olacaq: «Qayanın üstündəki o evdə yaşayanları tez-tez yadına sal və unutma ki, onlara baxdıqca, bil ki, öz əksini görürsən.» Lakin, general ya qadının sözlərini qulaqardına vurur, ya da həmişə dediyini deyirdi: «Heç nə olmaz, ay arvad, qorxma, xalq məni sevir!» Bendisyon Alvarado beləcə – kasıbçılıqdan şikayətlənə-şikayətlənə, bazarda bədxərclik eləyən qulluqçuları söyə-söyə, arada bir, xərcləri azaltmaq məqsədi ilə öz naharından kəsə-kəsə yaşayırdı, heç kim də onun, artıq çoxdan dünyanın ən dövlətli qadınlarından biri olduğunu üzünə deməyə cəsarət eləmirdi. Dövlət səviyyəsində gedən bütün fırıldaq əməliyyatlardan gələn gəlir Bendisyon Alvaradonun adına köçürülürdü. O, ucsuz-bucaqsız əkin sahələrinin, saysız-hesabsız mal-qara sürülərinin, tramvay xətlərinin, poçtun və teleqrafın, milli suların sahibi olduğundan xəbərsiz idi, bizim ərazinin sularına düşüb çaylarımızla üzən hər gəmidən alınan gömrüyün belə, onun adına köçürülməsini bilmirdi. Bendisyon, bütün bu işlərlə yanaşı, oğlunun da, artıq onun təsəvvür elədiyi kimi, cürbəcür oyuncaqlardan heyrətə gələn böyük uşaq olmadığından xəbərsiz idi. O, oğlunun hələ o lap çoxdannan, mal-qaranın kəsilməyinə belə vergi qoymasından və bu vergilərin qəpiyinəcən, onun şəxsi büdcəsinə axmasından, vəzifələrəə rüşvətlə adam təyin eləməyindən, kiminsə vəzifəsini artırmaq səbəbiylə aldığı külli miqdarda puldan, əlaltılarının vaxtaşırı ona əlaltdan ötürdükləri bahalı hədiyyələrdən, lotereya oyunlarını belə onun mənafeyinə işləyən xüsusi mexanizmlə - xırda incəliklərinəcən qurularaq, ordan ağlasığmaz məbləğdə pullar udmasından da xəbərsiz idi.
Bu lotereya əməliyyatını o, özü üçün düzəltdiyi yalançı ölüm tamaşasından sonra - Böyük Qalmaqal dövründə işə salmışdı, senyor. Həmin o dövr isə bu adı, çoxlarının zənn eləiyi kimi, Müqəddəs Eraklio gecəsi yerin altıyla yeriyib, bütün ölkəni lərzəyə gətirən cəhənnəm zəlzələsinə görə yox, o illər hər yerdə hay-həşirlə bünövrələri qoyulan müxtəlif tikintilərə görə qazanmışdı. Bünövrələri yenicə qoyulan bu binalar «dünyaəhəmiyyətli möhtəşəm tikintilər» elan olundularsa da, heç birinin tikintisi axıracan başa çatdırılmadı, amma hay-küyü çox olurdu, senyor. O vaxt onun belə bir adəti vardı ki, dövlət şurasının üzvlərini sarayda yox, siesta saatlarında, anasının tamarin budaqları arasında itib-batan malikanəsində yığırdı. Yelləncəyin ətrafına yığışıb, öz mahud cübbələrində istidən buğlanan seyrək bığlı boşboğazları, selluloid yaxalıqlarında boğulan zəhləsigetmiş çərənçi nazirləri orda yelləncəkdə gözüyumulu uzanıb yellənə-yellənə, üzünü şlyapasıyla yelləyə-yelləyə dinləyirdi. Onlar hey zəvzəyir, o isə onların səsini, həyətdə toyuqların ardınca cuman xoruzların qanadlarının şappıltıları içində əridə-əridə, qonşuluqda nəfəs dərmədən: «Susanna, yanıma gəl, Susanna!» oxuyan qramafonun səsinə, cırcıramaların cırzıltısına qulaq asa-asa mürgüləyir, bunu görən nazirlər hörmətlə səslərini kəsir: «Sakit, general yuxuya getdi!..» - deyib aradan çıxmaq istəyəndə o, xorultusunu kəsmədən, gözünü açmadan: «Davam eləyin, eşidirəm!» - deyirdi və onlar, general siesta saatının canüzən mürgüsündən ayılıb: «Boş söhbətlərdi. İçinizdən bircə nəfər ortaya iş qoydu: o da səhiyyə naziri, mənim yerlim. Hə, ayrı sözünüz yoxdu ki? Di dağılışın, boşboğazlıq bununla da sona yetdi». – deyərək, iclası yekunlaşdıranacan sözlərinə davam edirdilər. Ən zəruri dövlət məsələlərini isə o, öz şəxsi köməkçiləri ilə - nahar vaxtı, bir əlində nimçə, o biri əlində qaşıq, otağın içində var-gəl eləyə-eləyə müzakirə edirdi. Bir çox məsələləri isə o, yolüstü, məsələn, pilləkəni çıxa-çıxa həll eləyirdi, bəzən də heç həll eləmirdi, elə ağzının içində öz-özünə: «Nə istəyirsiniz eləyin, onsuz da buranın yiyəsi mənəm.» - deyə-deyə ötüb gedirdi. Onu sevirdilər, ya sevmirdilər, onu ən az maraqlandıran bu idi. Bu barədə söz düşəndə o, üzünü turşudaraq:«Boş şeydi» - deyirdi. O tez-tez müxtəlif ictimai tədbirlərdə görünür, qırmızı lentləri hər yerdə şəxsən özü kəsir, ən təhlükəsiz vaxtlarda belə çəkinib getmədiyi yerlərə gedir, canını təhlükəyə məruz qoya-qoya, özünü camaata göstərirdi: «Heç nə olmaz!» - deyirdi. Qalan boş vaxtlarını isə o, öz yerlisi - səhiyyə naziri ilə və general Rodriqo de Aqilarla saysız-hesabsız domino oyunlarına sərf eləyirdi. Təkcə bu iki nəfər ona kiminsə həbsdən buraxılması və ya kiminsə ölüm hökmünün ləğv edilməsi barədə ürək eləyib ağız aça bilərdi. Gözəllik ilahəsi Manuela Sançesi qəbul eləməyi barədə də təkcə bu iki nəfər ona ağız açmağı qərara almışdı...
Manuela Sançes, sadə xalq içindən çıxmış gözəl bir qız idi. Onu, İt döyüşü məhəlləsinin üfunət bataqlığı içində bitmiş ecazkar gülə bənzətmək olardı. Bu məhəllənin itləri bir dəqiqə dincəlmək bilmədən, bir gün bir-biriylə yola getmədən, gecə-gündüz elə boğuşurdular ki, milli qvardiyanın əsgərləri belə bu tərəflərə ayaq basmağa ürək eləmirdi... Qvardiyaçılar bir də ona görə bura ayaq basmağa ürək eləmirdilər ki, buralara ayaq basanların göz qırpımında soyulmağından, maşınlarının sökülüb hissə-hissə daşınmağından xəbərləri vardı. Bu elə bir məhəlləydi ki, içində ətli-canlı bir eşşək azsaydı, ordan o eşşəyin əvəzinə bir çuval sümük çıxardı. İt döyüşü məhəlləsinin yolları o qədər dolama-dolaşıq idi ki, baş çıxarmaq olmurdu və həmin bu dolama-dolaşıqlığın içində neçə-neçə dövlətli ailənin uşaqları yoxa çıxmışdı. «Orda onları öldürüb qızardırlar, mənim generalım, sonra da aparıb bazarda, qızardılmış kolbasa yerinə satırlar, təsəvvür eləyirsiz?!...» Manuela Sançes isə – gözəllik ilahəsi Manuela Sançes məhz bu məhəllədə doğulub böyümüşdü. Zibillik bənövşəsi! – «Bu qızın gözəlliyi bütün ölkəni sarsıdıb, mənim generalım!» Bu söhbət generalı elə maraqlandırdı ki, o: «Əgər o, doğurdan elə qeyri-adi gözəldirsə, onda mən nəinki onu qəbul edərəm, onunla bir tur vals da oynayaram. - dedi. – Cəhənnəmə, qoy qəzetlər nə istəyirlər yazsınlar, belə şeylər qara camaatın xoşuna gəlir». Lakin həmin axşam - Manuela Sançesi qəbul eləyəndən sonra o, general Rodriqo de Aqilara açıq təəssüf hissi ilə dedi ki, kasıbların bu tərifli kraliçası Allahın bir tur valsına də dəyməz. Dedi ki, bu, vur-tut İt döyüşü məhəlləsində yaşayan yüzlərlə Manuela Sançeslərdən biri – adi, ortabab bir qızdı: «Büzməli ipək paltarıyla, saxta daşlı qızılı tacıyla, əlindəki qızılgülüylə bir yerdə!.. İtaparan olsun, dediklərini də elədim. İki şey xahiş elədi məndən: İt döyüşü məhəlləsinə su və işıq çəkdirdim. Ona onu da dedim ki, yanıma bir də xahişlə-filanla gəlməsin. Sümsük adamlardan zəhləm gedir. Bu cür ütüklərlə heç danışmaq düzgün deyil!» O bunu deyib, domino partiyası başa çatmamış ayağa qalxdı, qapını çırpıb çıxdı, saat səkkizi vuranda isə fermada peyda oldu, inəklərə yem verib, quru təzəkləri saraya daşımağı əmr etdi, sonra şam yeməyinə yollandı və adəti üzrə əlində nimçə o yan-bu yana var-gəl eləyə-eləyə, qızardılmış ətlə lobya, düyü və platan yarpaqlarından düzəldilmiş salatını yeyə-yeyə, sarayda hər şeyin yerli-yerində olduğunu yoxlamağa, saray darvazalarının keşiyindən tutmuş, yataq otağının qapısında duran qarovulacan, hamını bir-bir saymağa başladı və öyrənib biləndə ki, onların sayı lazım olan qədər – on dörd nəfərdir, onda şəxsi qarovulun yerində olub-olmadığını da yoxladı və ondan da arxayın olanda, görəndə ki, qarovul sarayın birinci girişində domino vurur, onda qızılgül kollarının altında yatan cüzamlı xəstələrə, pilləkənlərdə yuxuya gedən ifliclərə də baş çəkdi və şam yeməyini açıq pəncərələrdən birinin məhəccərinə qoyub, özünü yarıqaranlıq, üfunətli qadın yataqxanasına saldı, üç qadının öz bicləriylə yatdığı çarpayının yanında peyda oldu, özünü bu üfunətli bədən yığnağının arasına salıb, ona maneəçilik törədən iki başı və üç cüt ayağı qırağa çəkib arvadların birini qamarladı. Nə generalın cənginə keçən qadın, nə də onun yanında yatan o biri qadınlar yuxudan ayılmadılar. Arada o biri çarpayılarda yatan yuxulu qadınların səsi eşidilirdi: «Bir az yavaş, mənim generalım, elə fısıldamayın, uşaqlar qorxar».
Bundan sonra o, saraya qayıtdı, iyirmi üç pəncərənin iyirmi üçünün də cəftələrini bir-bir yoxladı, cücüləri qovmaq üçün dəhlizdə təzə təzəkdən ocaq qaladı.
O, bu təzəkləri, vestibüldən tutmuş otaqlaracan, bir-birindən beş metr ara qoya-qoya yandırır, tüstünü ciyərlərinə çəkə-çəkə, uzaq, tumançaq uşaqlıq illərini xatırlayırdı... Belə də uşaqlıq illəri olardı?.. Əgər bu illər, onun ciyərlərinə tüstü ilə bir dolub, bir dəqiqədən sonra tüstü ilə də bir canından çıxırdısa, bu necə illər idi?!.. Sonra o, otaqların işıqlarını bir-bir söndürə-söndürə vestibülə qayıtdı, quş qəfəslərinin üstünə örtüklər sala-sala saydı: «Qırx səkkiz ədəd olmalıdır.» Onlar düz qırx səkkiz ədəd idi, lakin bununla da generalın ürəyi soyumadı, əlində çıraq, bütün sarayı bir də başdan-başa dolaşdı, sarayın on dörd güzgüsündə, on dörd əksini – əlində yanar çıraq aparan on dörd əkiz generalı gördü. Saat onu vurdu. Hər şey qaydasındadı. O, qvardiyaçıların yatdığı yataq otağına da baş çəkdi və oranın işığını da keçirdi: «Gecəniz xeyrə qalsın, senyorlar!» Sonra birinci mərtəbənin bütün otaqlarına – bütün qəbul otaqlarına və tualetlərə baş çəkdi, bütün pərdələrin arxasını, stolların altını yoxladı… heç yerdə heç kim yox idi. Onda o, cibindən bir dəstə açar çıxarıb əliylə yoxlaya-yoxlaya, hər açarın öz qapısını təyin elədi, sonra bütün kabinetləri bir-bir açarladı, bundan sonra əsas mərtəbəyə qalxıb orda da bütün otaqları bir-bir gözdən keçirdi və hamısını açarladı, nəhayət, öz yataq otağına çatıb, orda gizli mücrüsündən bal bankasını çıxarıb, yuxusu şirin olsun deyə, iki qaşıq uddu və anası Bendisyon Alvarado haqqında fikirləşməyə də vaxt tapdı.
O, Bendisyon Alvaradonu orda – öz malikanəsində, ətirli oreqano otları və melissa kollarının qoxusu içində yatdığını təsəvvürünə gətirdi… anasının, adi boz quşu, qu quşuna çevirən, indi isə yuxunun ağırlığından keyləşib hərəkətsiz qalan çevik əlini gördü. Anasının yuxulu əli elə cansız idi, elə bil o, yatmamışdı, ölmüşdü… «Gecən xeyrə qalsın, ana…» - deyə pıçıldadı və elə həmin dəqiqə də orda - öz tənha malikanəsində yatan anasının, gözlərini açmadan: «Xeyrə qarşı, oğul!» - dediyini eşitdi. Sonra çırağı yataq otağının girəcəyindəki asılqandan asdı – çıraq bütün gecəni yanmalıydı, onu söndürməyə heç kimin ixtiyarı çatmırdı, çünki bu çıraq ona, günlərin bir günü, gecənin bir vaxtı, qaçhaqaç düşəndə lazım olacaqdı. Saat on biri vurdu və o yenə bütün sarayı, bu dəfə heç bir işığı yandırmadan, qaranlıqda dolaşa-dolaşa, elə-belə, hər ehtimala qarşı gəzdi ki, işdi, ola bilər, kimsə onun yatdığını zənn edib buralara girib?!.. O, dənizdə yırğalanan mayakdan içəri süzülən yaşıl işığın içiylə, mahmızının parıltısı qaranlığa iz sala-sala sakitcə yeriyir, qaranlıq dəhlizlərdə azıb ayaq üstə yuxulayan cüzamlı xəstələri, onlara dəyib-toxunmadan bağa - qızılgül kollarından birinin altına ötürür, qayıdıb qarovulu yenidən sayır, sonra yenə öz otağına qayıdırdı. Uzun-uzadı dəhlizlərlə, pəncərələrin önündən yeriyə-yeriyə o, hər pəncərədən, aprel ayının Qəraib dənizinə tamaşa eləyirdi.
O, bu dənizə, beləcə, ayaq saxlamadan, düz iyirmi üç dəfə tamaşa elədi və bu qərara gəldi ki, dəniz, hər apreldə olduğu vəziyyətindədi, üstü qızılı hov atan bataqlığa bənzəyir.
Saat on ikini vurdu və saatın son zərbəsi ilə bir o, hardansa içindən - qarnından üzüyuxarı yeriyən qorxunu hiss elədi. Bu qorxu, bədəniylə üzüyuxarı yeriyib qulaqlarına doldu, orda elə bir cüyültü ilə cüyüldədi ki, az qala qulaqları batdı və general vahimələnib qapısının üç kilidini, üç qıfılını, üç zəncirini çəkib bağladı, ayaqyoluna keçib, orda özünü sıxıb əzə-əzə, əvvəl iki, sonra dörd, daha sonra yeddi müsibətli damcını birtəhər süzüb, üzü üstə döşəməyə sərildi və elə həmin dəqiqə də, yenə heç bir yuxu görmədən, dərin yuxuya getdi. Və çox keçmədi ki, gecənin bir aləmi - üçə on beş dəqiqə qalmış, tər-qan içində yuxudan ayıldı... Elə bil kimsə otağa daxil olmuşdu, indi qıfıl-kilidə toxunmadan, başı üstündə dayanıb düz onun üzünə baxırdı… bu baxışları üzündə hiss eləyib vahimə içində dik atıldı və qapı-pəncərəsi üst-üstə kilidlənmiş otağı boyu var-gəl eləyən Manuela Sançesi… divarları asanca yarıb keçən Manuela Sançesi, qorxulu gecənin Manuela Sançesini, nəfəsi səhləb çiçəyi ətri qoxuyan, ipək paltarlı Manuel Sançesi gördü... «De ki, bu, həqiqət deyil, de ki, bu, xəyaldı… – o, ağzının içində kəkələdi – De ki, bu sən deyilsən, de ki, bu, başgicəlləndirən qoxu sənin nəfəsin deyil, səhləb çiçəyinin ətridir!» Lakin, bu, Manuela Sançes idi… ovcunda saxladığı qızılgül rəng alıb – rəng verirdi, ilıq nəfəsi otağı ağzına almışdı... Hər şey Manuela Sançes idi… bütün dünya Manuela Sançes idi... İnadkar qaya, dənizin möhtəşəmliyini özünə beləcə tabe eləyir... Axırımın Manuel Sançesi, sən ki, ovucuma döyülən tale yollarında yoxsan?!. Axı nə qəhvə çöküntüsündəki falda, nə də suyun üzünə çıxan taleyimdə, falçılar sənin barəndə heç nə deməyib. Odu ki, məni yuxumdan eləmə… məni, qadın ayağı dəyməyən, heç bir vaxt da dəyməyəcək otağımın havasından eləmə, söndür o qızılgülünü!» – deyə o, əlini divarlar boyu sürütləyə-sürütləyə, işıq düyməsini axtara-axtara yalvardısa da, hər küncdə əlinin altına, ağlını başdan çıxaran Manuela Sançes keçdi… «Lənət sənə şeytan, əgər mən səni heç vaxt itirməmişəmsə, niyə hər yerdə əlimin altına sən keçirsən?!. Məndən nə istəyirsən?.. İstəyirsən, sarayımı verim sənə, hər şey sənin olsun, bütün ölkəni sənə verirəm, amma imkan ver, bu işığı yandırım… ey gecəmin əqrəbi, iliyimə yeriyən Manuela Sançes, sənin ananın...»
O, elə bilirdi ki, işığı yandırsa, Manuela Sançesin sehrli xəyalından canını qurtaracaq, odu ki, var gücüylə çığırdı: «Rədd eləyin bunu burdan, canımı bundan qurtarın, boğazına daş bağlayıb dənizin dibinə salın, boğub öldürün ki, onun gülünün işığı bir də heç kimə əziyyət verməsin!» O, beləcə, qaranlıq dəhlizlər boyu, arada bir ayağı təzəkdə sürüşə-sürüşə çığırır, hərdən də vahimə içində öz-özünə: «Bu nə işdi? – deyirdi. – Bir azdan saat səkkiz olacaq, səhər açılacaq, bu əclaf evdə isə hamı köpür. Durun ayağa, ay biqeyrətlər!..» - deyə o, qəfildən elə çığırdı ki, o dəqiqə saray otaqlarının işıqları bir-bir yanmağa başladı, kazarmalarda şeypurlar çalındı və onların səsinə, liman qalasından səs verildi… bu səsə San-Xeronimodakı şeypurlar da qoşuldu... Sübh şeypurları bütün ölkə boyu çalındı… şəhər oyanmağa başladı… dağ kimi üst-üstə yığılan silahlar qorxu içində paylandı, qızılgüllər, sübh şehi hələ düşməmiş, iki saat əvvəl açıldı, saray qulluqçuları döşəmə əskilərinin tozunu ulduzlu göyün altında çırpdılar, qəfəsdə mürgüləyən quşlara yem verildi, solmağa macal tapmayan güllər atılıb yerinə elə onlar kimi təzələri qoyuldu, daşyonanlar dəstəsi tələm-tələsik divar hörə-hörə, hər pəncərəyə qızılı kağızdan kəsilmiş günəşlər yapışdırdılar. Bu yalançı günəşləri pəncərələrə, adətən, günün günorta çağı vururdular, lakin göy hələ də qaranlıq idi, təqvim hələ də istirahət gününü göstərirdi, bazar ertəsinin sübh şəfəqi hələ aprel dənizinə toxunmamışdı. Gecə hələ bitməmişdi, lakin camaşırxana müdirləri – qaraqışqırıqçı çinlilər artıq paltardaşıyanları yuxudan oyadıb küçələrə itələyir, çirkli döşəküzlərini yığmağa göndərdilər, kor falçılar fal açır, məmurlar, bazar ertəsinin səhəri açılıbmış kimi, stollarının gözlərində toyuqların qoyduğu yumurtaları tapır, küçələr, başlarını itirib o yan-bu yana qaçan adamlarla dolur, dövlət şurası üzvlərinin fövqəladə müşavirələri keçirilən otaqda - stolların altında saray itlərinin hər günkü boğuşması başlayırdı. Onu isə heç nə təəccübləndirmədi, gözləri, gözlənilmədən açılan səhərin sübh şəfəqindən qamaşa-qamaşa, bir-birinə macal vermədən onu «sübhü yaradan», «zamanın hökmdarı», «günəş şəfəqlərinin mühafizəkarı» - deyə vəsf edən yaltaqların müşayiəti ilə iclas zalına yollandı, general ştabının zabitlərindən biri onun qabağını kəsib təzim edərək, saat, səkkizi yox, dördə beş dəqiqə işlədiyini göstərdiyi barədə hesabat verəndə, o, zabitin qulağının dibinə yağlı şillə ilişdirib, səsi bütün ölkəni başına götürə-götürə: «Saat səkkizdir, lənət şeytana! Səkkizdir!» - deyib çığırdı.
Günorta saat üçdə anası Bendisyon Alvaradonun gözdəniraq malikanəsinə gələndə və anası onun halını görüb təəccüb içində: «Sənə nolub? Səni əqrəb vurub? Ürəyini niyə tutmusan?» - deyə soruşanda o, dinməz-söyləməz kresloya çökdü, əlini sinəsinin üstündən götürmək istədisə də, nəyisə xatırlayıb yenidən ürəyinin üstə qoydu. Bendisyon Alvarado, quşları rənglədiyi fırçanı oğluna tərəf uzadıb, bir az da təəccüblə: «Bu nədi belə, elə bil sən doğrudan-doğruya Müqəddəs Ruhun Elçisinə çevrilirsən… gözlərin, ürəyinin üstə qoyduğun əlin, hər bir şey onu xatırladır.» – dedi.
O, əlini sinəsindən çəkib ayağa qalxdı, qapını çırpıb çıxdı, ürəyində anasını söyə-söyə saraya qayıtdı, əllərini cibinə soxub əsəbi addımlarla mərtəbələr boyu gəzişdi. Gəzişəə-gəzişə pəncərələrdən görünən çölə, yağışın şüşələr boyu açdığı kədərli şırımlara, gümüşü kağızdan düzəldilmiş ulduzlara, pəncərələrin o biri üzündən - çöl tərəfdən şüşələrinə yapışdırılan, günortanın üçünü axşamın səkkizinə oxşadan latun aylara baxdı. Saray qarovulunun yaş paltarlı əsgərlərinə, kədərli dənizə və yağışa nəzər saldı. Yağışa... yağışa... o yağışa ki, onun hər damlası Manuela Sançes idi… əlçatmaz Manuela Sançes… onunku olmayan Manuela Sançes. Başdan ayağa onun olan bu şəhərdə yaşaya-yaşaya, onunku olmayan Manuela. Saray boyu dolaşdıqca, kimsəsiz otaqların ürəküzən xofu onu qarabaqara izləyir, getdikcə çıxılmaz tənhalığa, bir neçə uzaq, ala-toran günlərin tənhalığına, Manuela Sançessiz daha bir gecənin tənhalığına çevrilirdi. «Lənət şeytana, - o, içini çəkdi – bu nə olan işdi?.. İçim elə sızlayır, elə bil ordan nəyisə çəkib çıxarıblar…» Beləcə fikirləşib öz vəziyyətindən elə bil utandı, ürəyinə tərəf uzanan əli şalvarının içinə süründü... yağışın səsi altında mürgüləyən yumurtalığının üstünə qondu. Yumurtalığı həmişəki vəziyyətində idi, yenə əvvəlki şişmanlığında və ağırlığındaydı... Ağrısı da həmin ağrıydı, yenə həmin əbədi zoqqultusuyla altdan-altdan, aramla zoqquldamağındaydı... Amma bu dəfəki ağrı niyəsə daha dözülməz idi… elə bil ovcundakı, yumurtalığı yox, ürəyiydi… dumduru, çılpaq ürəyi... Bu məqam o, nə vaxtsa bir çoxlarından eşitdiyi sözlərin həqiqətini anladı: «Ürək üçüncü yumurtalıqdı, mənim generalım!» Ürpənib pəncərənin qabağından çəkildi, qəbul otağı boyu var-gəl eləyə-eləyə, halsızlığından, bu çıxılmazlıq dolu əlacsızlıq durumundan bezə-bezə, ürəyinin başına balıq tıxı ilişibmiş kimi, boğula-boğula dövlət şurasının iclasına yollandı, orda bir kənarda oturub, həmişəki kimi heç nə eşitməyə-eşitməyə, heç nə anlamaya-anlamaya, az qala mürgüləyə-mürgüləyə maliyyə vəziyyəti barədə darıxdırıcı məruzəyə qulaq asırdı ki, qəfildən elə bil iclas zalının havasında nə isə dəyişdi, nə isə qırılıb havadan asıldı, maliyyə naziri sözünü kəsib gözünü prezidentə zillədi, yerdə qalanlar da çönüb, ortasından qabarıb onu az qala iki yerə bölən qəfil ağrıdan ürəyi gedəcəkmiş kimi qovrulan prezidentə baxdılar. O özü də özünü kənardan – uzun-uzadı stolun başında, öz tənha stulunda köməksiz üzüylə, prezidentə layiq olmayan saralmış bəniziylə oturan gördü… Ürəyini tutdu... Həyatı, səhiyyə nazirinin, zərgər gözü kimi iti gözləri qarşısında şam kimi əriyib gedirdi...
Əziz həmyerlisi, elə bil onun içini cib saatının zəncirini əlinin içində oynada-oynada, dinməz-söyləməz seyr eləyirdi. «Ola bilsin ki, ürəyi sancdı…» - kimsə ehtiyatla dillənəndə, o, artıq hikkəsindən ağırlaşıb daşa dönmüş əlini sinəsindən çəkib stolun üstünə qoymuşdu, rəngi özünə qayıtmışdı. Hökmranlığını bir daha təsdiq eləyən iynəli sözləriylə elə bil hamını güllələdi: «Siz istəyərdiniz sancsın, hə, heyvərələr!.. Hə, nədi, diliniz qarnınıza girdi?.. Di davam eləyin!» Onlar da özləri öz dediklərini eşitməyə-eşitməyə, hər biri onun acığını, nəyə hirsləndiyini yaxşı anlaya-anlaya iclası davam etdirdilər, pıçhapıç salıb, ehtiyatla barmaqlarını ona sarı uzada-uzada: «Siz bir ona baxın! O qədər əsəbidi ki, ürəyini tutub. Görən nə olub? Çırtma vursan, qanı çıxar.» Bir qədər sonra isə sarayada söz-söhbət gəzdi ki, guya prezident səhiyyə nazirini təcili surətdə yanına çağırtdırıb, nazir də gəlib görüb ki, o, stolun üstünə qoyduğu sağ əlinə baxır, əli də kündə kimi köpüşüb. Deyirlər, prezident səhiyyə nazirinə əmr edib ki, sağ əlini kəssin, çünki ona mane olur, yaşamağa qoymur, lazım olmayan yerlərə uzanır. Lakin deyirlər, səhiyyə naziri buna qəti etiraz eləyib və bildirib ki, başına güllə çaxsalar belə, bunu eləməz. «Səmimi sözümdü, mənim generalım, sizin əlinizi kəsməyə mənim haqqım yoxdur, ona görə ki, mən bütün varlığımla sizin bircə əlinizə dəymərəm».
Bu əhvalat, onun səhhəti bardə gəzən şayələr, digər şayələrə qarışıb, az qala, hər küçədə, hər tində danışılır, getdikcə, tüstü kimi, duman kimi şəhərin canına hopur, o isə elə hey fermada, öz əlləriylə süd sağır, sağa-sağa Manuela Sançesli, onun qızıl gülü rəngli sabahın açıldığını hiss edirdi. Hər şey büsbütün Manuel Sançesə oxşayırdı… Odu ki, o, qızılgül kollarının arasında yatan bütün yara-xoralıları qovdurmağı əmr etdi ki, güllər bu xəstələrin iyini tutmasın, Manuela Sançesin gülünün iyi korlanmasın. Sarayın ən kimsəsiz künc-bucaqlarını axtarırdı ki, orda heç kim onun ağzının içində oxuduğu: «Səninlə ilk valsı oynadım ki, məni unutmayasan, ey mənim kraliçam! Bil ki, unutsan məni, ölüm olacaq cəzan!» mahnını eşitməsin. Bir qədər sonra isə həmin bu mahnını içində əridə-əridə, canına dolan iztirablarını bir az yüngülləşdirmək üçün özünü qadın hərəmxanasına salıb, həmişəki səbrsiz xoruz rolundan çıxaraq, daha əvvəlki tələskənliyə yol vermədən, uzun-uzadı aramlı həzzlər verib ala-ala, qadınları heyrətləndirdi. Qadınlarsa qaranlıqda xoşbəxt-xoşbəxt qaqqıldayıb, qaynar nəfəsləriylə: «Özünüzü əldən salırsız, mənim generalım, özü də bu yaşda!» - deyə pıçıldayırdılar. Lakin o, gözəl bilirdi ki, bütün bunlar özünü aldatmaqdan savayı ayrı bir şey deyil və olacağa çarə yoxdur, o gün əvvəl-axır gəlib çıxacaq və o, Manuela Sançesin ayağına gedəsi olacaq, dünyanın bütün müqqədəsliyi naminə and verib onun sevgisini dilənəcək… Manuela Sançesin, İt Döyüşü Məhəlləsinin göbəyində yerləşən zibilliklərin arasında bitmiş qəddar sarayına yollanacaq, onu orda səbrlə axtaracaq… O ora, ən bürkülü günlərin birində - saat ikiini ötəndən sonra, adi geyimdə, qarovulsuz-filansız, adi maşında yollanacaq, bir müddət, siestanın ölüm rəngli saatlarında şəhərin kimsəsiz küçələriylə dolaşa-dolaşa gəzəcək.
O, dükanlarla dolu küçələrdən ötüb keçəndən sonra öz sonunu - Manuela Sançesin böyük dənizini gördü… üfüqdə ağaran tənha quşu, birbaşa Manuela Sançesin evinə aparıb çıxaran sınıq-salxaq tramvayları gördü və elə həmin dəqiqə, bu sınıq-salxaq tramvayları yeniləri ilə - tutqun şüşəli, sapsarı tramvaylarla əvəz etməyi, vaqonların hər birində Manuela Sançes üçün ayrıca məxmər üzlü oturacaq qoydurmağı əmr elədi. Manuela Sançesin, istirahət günlərini keçirdiyi çılpaq çimərlikləri gördü və ora soyunacaqlar qoymağı əmr elədi. Əmr elədi ki, hava haqqında məlumat verən dirəyə bayraq assınlar ki, çimməyin mümkün olub-olmadığı bilinsin və nəhayət Manuela Sançesin ayrıca çimməsi üçün çimərliyin bir hissəsi hasara alınsın. O, dəniz sahili boyu uzanan mərmər meydançalara, onun mərhəməti sayəsində varlanan on dörd ailənin imarətlərinə, kimsəsiz hovuzlara nəzər saldı. Ən çox da, dağın üstündə ucalan imarət nəzərini cəlb elədi.
Bu, həyəti fəvvarələrlə bəzədilmiş ən böyük imarət idi. Odu ki, özündən asılı olmadan, həyəcanla: «İstəyirəm bu imarətdə sən yaşayasan! Məni hər axşam burda gözləyəsən!» - deyə qışqırdı. Və əlbəttə ki, elə o dəqiqə də malikanə boşaldılıb Manuela Sançesə verildi… O, bu fikirlərlə maşınının arxa oturacağında otura-otura xəyala dalır, öz arzularıyla aləmi bir-birinə qatıb-qarışdırır, dünyanı istədiyi kimi dəyişirdi. Lakin, çox keçmədi ki, maşın sahili ötüb keçdi, dənizin ecazkar nəfəsi sovuşub arxada qaldı və İt Döyüşü məhəlləsinin cəhənnəm uğultusu maşına doldu. Məhəllənin müdhiş mənzərəsindən qorxub öz-özünə: «Anacan, Bendisyon Alvarado, sən bir gör, oğlun hara gəlib girib!?... Məni xilas elə!» Lakin bu hay-həşirin içində heç kim onun qəmli gözlərinə, nazik dodaqlarına, yorğun sinəsinin üstə yatan koppuş əlinə məhəl qoymadı, heç kim ağ kətan kostyumlu, sadə kepkalı qədim qocanın səsini eşitmədi, başını maşının pəncərəsindən çıxarıb: «Mənim Manuela Sançesim, dilənçilər kraliçası, əlində qızılgül tutan senyora, harda yaşayır?» - soruşan baba heç kimi maraqlandırmadı. O, Manuela Sançesin harda yaşadığı barədə soraqlaşa-soraqlaşa özü-özünə: «Sən burda, bu ətürpədən uğultunun içində - ağzından qan daman, gözündən cin çıxan bu quduz itlərin arasında necə yaşaya bilirsən, bu müsibətin, bu bataqlığın içində - ölüncə didilib tökülən itlərin quyruqlarını dallarına qısıb ulaya-ulaya yaralarnı yaladığı bu eybəcər yerdə, iylənmiş gölməçələrin, qəlyanaltıxanalardan dəstə-dəstə küçəyə atılan sərxoşların çığırtıları arasında sənin şirin, səhləb çiçəyi qoxuyan nəfəsini necə hiss edim, necə, sənin atana lənət!.. Axı necə, ay mənim əzabım?! Səni, bu əvvəli axırı bilinməyən maranquanqo və burundanqo, qordolobo və manta-de-banderaların* içində necə tapım?.. Bu Qara Adam və Xuansito Trukupeyanın** yuxuyabənzər cənnətində - tünd bənövşəyiyə çalan çatlar dolu pəncərəli, tutuquşu rəngində rənglənmiş şüşəli, göy çərçivəli, yaşıl evlərin arasında necə tapım?.. Əlində qızılgülün tabaq kimi açıla-açıla dayandığın evini necə tapım?.. Bu dəqiqə bu cəhənnəmin içində, görən, sənin saatın neçəni göstərir?.. Görən, sənin saatın günortanın üçünü, yoxsa dünən axşamın səkkizini göstərir?.. Nərçənd ki, bu cəhənnəmin içində gecəylə gündüzü qarışıq salmaq mümkün deyil… Səni bu evlərin arasında, boş otaqlar boyu yanlarını burcuda-burcuda gəzib buludların istisini soyudan arvadların arasında necə tanımaq olar axı?..» – deyə fikirləşirdi.
Belə fikirləşə-fikirləşə, açıq pəncərədən çölə boylana-boylana: «Mənim kədərim Manuela Sançes, paltarı brilyant köpüyünə bənzəyən, başında qızıl cıqqa olan Manuela Sançes harda yaşayır?» - deyə soruşdu. Və nəhayət bu cəhənnəm uğultusunun içində kimsə onu eşitdi və: «Hə-ə, bildim kimi deyirsiniz! O, belə dalı yekəni deyirsiz, özündən də elə razıdı, elə bil arşın udub. O orda yaşayır, senyor, bax, o evdə!» - dedi.
Bu adi, ucuz rənglərlə rənglənmiş, kandarı it nəcisiylə dolu bir ev idi... Baxan kimi bilinirdi ki, kimsə evə girəndə ayağı qapının ağzındakı nəcisin içində sürüşüb. Bu ev, görüş vaxtı şah kreslosunda oturan Manuela Sançesin görünüşünə qətiyyən uyuşmurdusa da, onun ocağı idi. «Anam mənim, Bendisyon Alvarado, mənə güc ver ki, bu qapıdan içəri girə bilim!..» İçəri girməmişdən əvvəl o, bütün məhəlləni azı on dəfə hərləndi, sonra nəfəsini dərib qapını üç dəfə, üç yalvarışa bənzər tıqqıltıyla tıqqıldatdı, sonra elə qapının ağzındaca - günün istisindən alışıb-yanan kölgəlikdə dayanıb gözlədi və bu üfunətli iyin hardan gəldiyini bir müddət anlamadı. Yoxsa bu eybəcər iyi, havanın bürküsü əmələ gətirmişdi, ya da ola bilər, havanı o özü, həyəcandan qarnına düşən ağrıdan korlamışdı?.. Nəhayət ki, qapını Manuela Sançesin anası açdı və onu içəri – ağırlaşmış balıq iyi verən geniş, sərin zala keçirib, qızını oyatmağa getdi. O da oturub, bu miskin zalı - yağışın isladıb qaraltdığı divarları, içi çökmüş divanı, oturacağı deşik kətilləri, dilləri qopmuş pianinonu gözdən keçirdi. Zalda daha heç nə yox idi. – «Heç nə, lənət şeytana, mənsə bu miskinliyi görmək üçün bu qədər əziyyət çəkmişəm?!..» Çox keçmədi ki, Manuel Sançesin anası, əlində zənbiltoxuyan qıyıq zala qayıdıb kətillərin birinə oturdu və qızı o biri evdə geyinib, baş-gözünü darayanacan, qəfil qonağın gözünə yaxşı görünmək üçün ən yaxşı çəkmələrini axtaranacan, başını aşağı salıb toxumağa başladı. O isə həyəcanını güclə içində boğa-boğa, dodaqaltı: «Hardasan, ey mənim əzabım, ağrım Manuela Sançes, səni görə bilmirəm, sənin, səhləb çiçəyi ətri qoxuyan nəfəsini eşitmirəm, bunların əvəzinə, yemək qalıqlarının üfunətlərini duyuram… Axı sən hardasan… qızılgülün hardadır, hanı sənin məhəbbətin… gəl, gəl, qurtar məni bu it əzabından!» - deyə donquldanırdı. O, beləcə, içini çəkə-çəkə öz-özünə danışırdı ki, birdən içəri otağın qapısında Manuela Sançes göründü: onun təsəvvür elədiyi kimi - yuxularında, sayıqlamalarında gördüyü kimi, həm də bir az ayrı cür – yuxunun güzgüdə görünən əksi kimi: ucuz çit paltarda, köhnə ayaqqabılarda, saçları necə gəldi, boynunun ardında daraqla yığılmış, amma yenə də dünyanın ən gözəl və ən qürurlu qadını kimi, əlində alışıb-yanan qızılgülüylə…
Bu, elə bir ecazkar mənzərəydi ki, o, ayağa qalxıb, qızın, başını yüngülvari tərpədərək, ağızucu salamlaşmağına cavab olaraq, baş əyməyə özündə zorla güc tapdı. Qız şahənə bir səslə: «Allah sizə yar olsun, əla həzrətləri!» - dedi, sonra barmaqlarının arasındakı qızılgülü alışıb yana-yana, divanın bir kənarında əyləşdi, iti baxışını qonağın gözünün içinə zillədi.
«…Mən, onun yarasa dodaqlarını, suda boğulmuş meyitin suyun içindən baxan donuq gözlərinə bənzər gözlərini gördüm… tüksüz dərisini, torpaq rənginə çalan qırışlı üzünü, dərisi bir qədər tarıma çəkilmiş əllərini gördüm. O, sağ əlini dizi üstə qoymuşdu, odu ki, barmağındakı prezident möhürlü üzük yaxşı görünürdü… ağ, kətan kostyumu əynindən, asılqana keçirilibmiş kimi asılmışdı, çəkmələri ayağına yekəydi… belə çəkmələri adətən ölülərə geydirirlər, senyor! Mən onun gizli fikirlərini oxuyurdum, əfsanəvi hakimiyyət gücünü – Yer üzünün ən qədim, bütün qəddarlıqlarından qəddar, cümlə məmləkətin nifrətini qazanmış, qocalığı, bir kəsin ürəyini zərrə qədər belə olsun ağrıtmayan, halına acınmayan bu ahıl insanın hökmranlıq gücünü duyurdum… o isə kepkasını əlinin içində hərlədə-hərlədə susub danışmır, elə bil mənə hardansa, dünyanın o biri üzündən baxırdı. İlahi, bu nə qaradinməz adamdı!» - qorxu içində fikirləşirdim, özüm isə soyuq bir səslə: «Qulluğunuzdayam, əla həzrətləri.» - dedim. O isə mənim bu sözümə təntənəli bir həyəcanla: «Mən elə-belə gəldim, kraliça! Elə-belə!..» - deyə cavab verdi.
Bu görüş ona rahatlıq gətirmədi. Və o, Manuelanın evini hər gün - siestanın ölgün saatlarında, günün ən isti vaxtlarında, adəti üzrə anasının yanına getdiyi saatlarda ziyarət eləməyə başladı. Manuela Sançesin yanına getmək üçün, o, qəsdən məhz bu saatları seçmişdi ki, hara getdiyindən mili təhlükəsizlik komitəsi xəbər tuta bilməsin, qoy onlar elə bilsinlər ki, həmin saatlar o, qayanın başındakı malikanədə - anasının yanındadı. Lakin o, bilmirdi ki, ondan başqa bütün aləmə məlum idi ki, general Rodriqo de Aqiların əsgərləri onu, damlarla sürünə-sürünə müşayiət edirlər, qəsdən küçələrdə qalmaqal salıb aləmi bir-birinə qatıb-qarışdırır, sonra güllə-baranla bütün bu hay-küyü yatırdırlar ki, onun keçib gedəcəyi küçələrdə hərəkət dayansın. Rodriqo de Aqiların gizli əmrinə görə onun keçib gedəcəyi bütün küçələr saat ikidən beşəcən bomboş olmalıydı, əsgərlər, bu saatlarda öz evlərinin balkonuna çıxanları belə xəbərdarlıqsız güllələmək barədə əmr almışdılar. Lakin ən təcrübəsiz adamlar belə, küçələrdə, bər-bəzəksiz sadə maşın cildində peyda olan prezident limuzinini nəzərlərindən qaçırmamışdılar, maşının içində ağappaq kətan kostyumda əyləşən kəmhövsələ qocanı, onun, gizli hüznlə göz yaşı axan avazımış üzünü, «ürəyi» tutanda, kim nə deyirsə desin, daha heç nəyi vecinə almayan qocanı görmüşdülər. Onun vücudu başdan-ayağa bir şey deyirdi: o öz qəlbinə hakim deyil və bu dəqiqə, günün bu qızmar saatında – havanın, ərinmiş şüşəyə bənzədiyi bir məqam, bu kimsəsiz küçələrlə, başı kəsilməyə aparılan qurbanlıq qoyunla onun heç bir fərqi yoxdu. Onun bu qəribə və naməlum halsızlığı barədə söz-söhbətlər, tədricən onun, siesta saatlarını anası Bendisyon Alvaradonun evində yox, Manuela Sançesin sakit komasında - evin gizli bir guşəsində - Manuelanın, qızını bircə an belə olsun qocayla təkbətək buraxmadan, yorulmaq bilmədən şəbəkə toxuya-toxuya, həm də necəsə, gözə görünməyən anasının iti baxışları altında keçirdiyi barədə şaiyələrlə əvəz olunurdu. Manuelanın anasını da başa düşmək olardı. Axı qoca, onun qızı üçün bu qədər pul tökürdü - cürbəcür bahalı oyuncaqlar, əndirəbadi maşınlar alır, qızı, maqnetizmin sirlərinə yiyələndirməyə çalışır, ona, dağ büllurundan pres-papye, cürbəcür astronomik, tibbi cihazlar, manometrlər, metronomlar bağışlayırdı?!.. Bu cihazları o, harda görsə alır, anasının deyintisini qulaqardına vurub öz simicliyini unudur, pullarını zibil kimi səpələyirdi.
O, dərin vətənpərvərlik hissiylə Manuela Sançesin qulağına, içindən dəniz səsi əvəzinə, hərbi marşlar eşidilən balıqqulağı qoymağı özünə xöşbəxtlik sanırdı… kibriti yandıraraq, divar termometrinin altına tuturdu ki, Manuela Sançes, civənin min bir çətinliklə yerindən oynayıb yuxarı dırmandığını öz gözləriylə görsün.
O, Manueladan heç nə istəmirdi, Manuelaya, öz niyyətini bildirmədən, dinməz-söyləməz baxır, qızı ağlasığmaz hədiyyələrə qərq edir, sözlə deyə bilmədiyini hədiyyələrlə deməyə çalışırdı. Axı, o, bütün arzularını da beləcə, görünən, ələ gələn, konkret maddi nəticəylə həyata keçirməyə alışmışdı. Və günlərin bir günü - Manuela Sançesin anadan olan günü, o, ona pəncərəni açmağı, pəncərədən görünənlərə baxmağı təklif elədi ki, qızın könlü pərvazlansın.
«…Mən pəncərəni açdım, senyor və dəhşətdən yerimdəcə donuxub qaldım… Bunlar, mənim zavallı İt Döyüşü məhəlləmi nə günə qoymuşdular?!.. Mən, tələm-tələsikliklə tikilib əhənglə ağardılmış taxta evləri, fəvvarələri hərlənən sintetik gölməçələri, yalançı tovuz quşlarını, tüstüdən düzəldilmiş süni buludları gördüm, senyor… siz bir təsəvvür edin...» Bu, nə vaxtsa dəniz donanmasının zabitləri üçün tikilmiş miskin əyalət mərkəzini andıran əcayib bir yer idi... Bütün bu işlər gecələr - hamı yatandan sonra, gizlincə görülmüşdü: səs-küy olmasın deyə, məhəllənin it-pişiyi bircə-bircə güllələnir, yerli camaat evlərindən çıxarılıb hansısa ayrı xarabalıqlara köçürülür, yerdə qalanları sökü, yerinə tamamilə ayrı tikililər quraşdırılır, bir sözlə, tamamilə yeni bir kvartal - Manuela Sançesin kvartalı salınırdı. Bu kvartalı Manuela, anadan olduğu gün, evinin pəncərəsindən görməliydi. – «Budur, kraliça, bax və xöşbəxt ol!» Bu, bir növ qızı hökmdarlıq zirvəsinin möhtəşəmliyindən heyrətləndirmək, hakimiyyətin hüdudsuz imkanlarıyla şirnikləndirmək, onun, çox incə, incə olduğu qədər də qəddar alınmazlığını laxlatmaq cəhdi idi. «Xahiş edirəm, mənə bu cür sıxılmayın, əla həzrətləri! Axı, anam burdadı?!..» O, Manuelanın anasıyla – qızının namusunu qoruyan qarovulçuyla hesablaşmaya bilmirdi, odu ki, ehtirasını boğa-boğa, hirsini-acığını bir təhər uda-uda qalır, Manuela Sançes isə xəfif təbəssümlə gülümsəyərək, ona, qvanabano ağacının meyvə şirəsi qatılmış soyuq su gətirir, o, suyu, qocasayağı aramlıqla - xırda qurtumla, gicgahında lükküldəyən soyuq ağrıya səbrlə dözə-dözə içirdi ki, Allah eləməmiş, birdən Manuela bunu, onun qocalıq əlaməti kimi qəbul edər və onu, elə beləcə - xəstə, zavallı bir qocanı sevən tək sevər. Manuela Sançesin yanında elə bil o, bir az da tənhalaşır, bütün vücuduyla aramla tənhalıq bataqlığına qərq olur, bu köməksiz çıxılmazlıq vəziyyətindən üzülə-üzülə, zəngli divar saatı öz zəngini çalıb, görüş vaxtının bitdiyini elan edənəcən, heç olmasa, nəfəsiylə də olsa, qıza toxunmaq üçün can verirdi... «Bu saatın zəngi mənim ölüm anımı çalır!»
O Manuelanın hüzurunda keçirdiyi son dəqiqələri qəsdən uzada-uzada, havanın hər qurtumunu acgözlüklə uda-uda, vaxtı ləngidir, oyuncaqları, dənizin nəm havasından paslanmasınlar deyə, aramla qutularına yığırdı: «Bir dəqiqə, kraliça! Qoy bircə bunları ortadan yığım.» Lakin nə qədər kədərli də olsa, son dəqiqə bitib başa çatırdı, getmək vaxtı yetişirdi! Sabaha qədər isə ucsuz-bucaqsız bütöv bir ömür yaşamaq lazım idi, amma indi – saatın bu yersiz zəngindən sonra, əlində qızılgül donub qalan, qocanın getməyini gözləyən bu bakirə qıza bir də baxmaq üçün bircə an çatışmırdı. Əvvəl-axır o çıxıb getməli olurdu, küçələrdə dolaşan kölgələrə qarışıb gözdən itirdi, camaatın gülüş hədəfinə çevrilmək qorxusuyla, xəcalət tərindən boğula-boğula yoxa çıxırdı. Daha xəbəri yox idi ki, artıq çoxdan camaatın gülüş hədəfinə çevrilib, onun sevgi macəraları haqqında az qala hər tində danışırdılar, cürbəcür mahnılar qoşurdular. Bütün ölkə bu mahnıları əzbər bilirdi, bu mahnıları hətta tutuquşular da, patiolarda boğazlarını cıra-cıra oxuyurdular:

General qovrulur eşqin oduna,
Göz yaşının, kədərinin oduna,
Əli yanır sinəsinin oduna...
Sən bir buna bax, buna,
Nə ləyaqəti qalıb, nə özünə hörməti.
Bunu da bilir hamı:
Bu boyda məmləkətə
Şahlıq edir yuxuda...

Çöl tutuquşuları bu mahınını ev tutuquşularından, qarğalar onlardan, qalan quşlar qarğalardan öyrənib oxumağa başlamışdılar. Bu minvalla mahnı, məşhurlaşıb paytaxt sərhədlərini aşmışdı, bütün ölkəyə yayılmışdı, dəstə-dəstə adamlar bu mahnını küçələrdə gəzə-gəzə, xorla oxuyur, milli təhlükəsizlik nazirliyinin hərbi geyimli əsgərlərini görəndə isə dağılışıb hərə bir yana qaçır, mahnının növbəti bəndəlrini ağızlarının içində qaça-qaça, hırıldaşa-hırıldaşa qoşurdular:

Bizim əziz general
Vətəni murdarladı.
Çox əlləşdi-vuruşdu,
Öz ağlı-kamalıyla,
Yeni qanunlar qoşdu
Başıyla yox, dalıyla...

Yeni bəndlər gün-gündən artıb, çoxalırdı. Tutuquşular da bəndlər qoşmağa başlamışdılar, bu mahını kökündən kəsib yaddaşlardan çıxarmağa çalışan milli təhlükəsizlik nazirliyinin əsgərlərini də çaşdıran elə bu tutuquşular idi. Hərbi patrullar yeməkxanalara, döyüşə tam hazır vəziyyətdə, ağır silahlarla doluşur, boğazlarını cıra-cıra mahnı oxuyan tutuquşuları güllələyir, qəfəslərdən çıxarıb diri-diri itlərə atırdılar. Ən çətini isə, mahının bəzi açıq-saçıq bəndlərini camaatın dilindən çıxarmaq idi. Bu, camaata, gördüyünü unutdurmaq kimi bir şey idi. Ələlxüsus da, gecələrlə arxa girişdən oğrun-oğrun saraya girib, mətbəxdən ötüşərək, quru təzəklərin tüstüsündə itə-itə, ağcaqanadları qova-qova: - «Sabahacan, kraliçam! Sabahacan!» - dediyi bəndi. Sabahı gün isə o, yenə həmin saatda, yenə qucağı saysız-hesabsız əndirəbadi hədiyyələrlə dolu Manuela Sançesin yanına gəlirdi. Bu hədiyyələr gün-gündən elə sürətlə çoxalırdı ki, onları yerləşdirmək məsələsi çətinləşirdi. Odu ki, qonşu evləri də Manuelanın evinə birləşdirib nəhəng bir zal düzəltməli oldular ki, Manuela öz qonağını burda qarşılaya bilsin. Zalın o biri hissəsi isə ürəksıxan anbara çevrilmişdi: burda nə desən tapmaq olardı – bütün dövrəlrin saatları, müxtəlif markalı qramafonlar – ən sadəsindən tutmuş, silindirlisinəcən, son dəbli, nikelli səs pərdəsi, əllə, ayaqla işlədilən saysız-hesabısız paltartikən maşınlar, qalvanometr, musiqili mücrülər, optik fokslu aparatlar, quru kəpənək kolleksiyaları, Asiya bitkiləri, fizioterapevtik laborotoriyalar, idman kabinələri üçün ləvazimatlar, ayaq üstə qurumuş diri adamlara oxşayan müxtəlif mexanizmli kuklalar və s. Bu anbarın böyük hissəsinə heç kim girib-çıxmırdı, şeylər necə qoyulmuşdusa, eləcə də tozun altında bozara-bozara qalmışdı, oraları heç süpürmürdülər də, kimin nəyinə lazım idi axı!? Manuela Sançesin isə, həmin o qara şənbə günü, karnaval gecəsi tacqoyma mərasimindən sonra, ümumiyyətlə, dünya vecinə deyildi...
– Mən həmin o gün – gözəllik kraliçası elan edilən gün bədbəxt oldum! O gecə, həyatımın sonuna nöqtə qoyuldu. Pərəstişkarlarım bir-bir, qəfil ölümlərlə ölməyə başladılar; birinin ürəyi partladı, o birilər əcaib xəstəliklərdən öldülər, rəfiqələrimsə yoxa çıxdılar.» Öz evində oturanda da Manuela Sançes özünü tamam ayrı, yad bir yerdə hiss eləyirdi, çünki ətrafda nə vardısa, hər şey sökülüb yenidən tikilmişdi, dəyişib ayrı cildə düşmüşdü. O özü də bilmədən, taleyin onun üçün qurduğu məkrli tora keçmişdi, təsəvvürəgəlməz hakimiyyət qüdrətinə malik qoca bir şorgözə əsir düşmüşdü. Ona «yox» - deməyə cürəti çatmırdı, «hə» deməyə isə taqəti yox idi. Qoca isə öz miskin məhəbbətiylə onu qarabaqara izləyir, ona, qan-tər içində, üzünü ağ şlyapasıyla yelləyə-yelləyə, sərxoş baxışlarla baxırdı. Son günlər isə qoca özünü elə itirmişdi ki, Manuela arada bir özü-özünə: «Yəni doğrudan bu, odu?.. - deyə soruşmaya bilmirdi. – «Bəlkə gözümə görünür?!» Lakin heç nə Manuelanın gözünə görünmürdü. Qocanın yerişini, meyvə suyunu içməyini, həsir kresloda oturub mürgü vura-vura burnuyla əlindəki stəkanın içinə girməyini Manuela öz gözləriylə görürdü, qocanın mürgüsü dərinləşəndə və o xoruldamağa başlayanda, Manuela oturduğu yerdə dik atılır, qocanın əlindən az qala sürüşüb düşən suyla dolu stəkanı havadaca tutur: «Ehtiyatlı olun, əla həzrətləri!» - deyirdi. Onda qoca, həmin dəqiqə yuxudan ayılır, Manuelanın, yerə düşən stəkanı havada tutmağına məhəl qoymadan, üzü qorxudan əyilə-əyilə:«Mən yatmamışdım, kraliça! Qətiyyən yatmamışdım! Elə belə gözümü yummuşdum!» - deyirdi. O, ümumiyyətlə, Manuelanın incə bicliklərini başa düşmür, onun nazıyla oynaya-oynaya, yanında ola-ola, həm də ondan üsulluca uzaqlaşdığını hiss eləmirdi. Hər şey elə beləcə də davam edirdi ki, bir gün qoca, ağlasığmaz dərəcədə ehtiraslı bir vəziyyətdə Manuelanın yanına gəlib: «Bu gecə, kraliça, mən sənə, ağlına gəlməyən hədiyyə edəcəyəm, kosmik hədiyyə! Bu gecə, on ikiyə altı dəqiqə işləmiş sənin üçün göydə ulduz axacaq, kraliça, tək sənin üçün!» - dedi.
Bu, o demək idi ki, kometa nəhayət yaxınlaşırdı; bizim üçün bu kometanın gəlişi, dövrün ən kədərli, ən faciəli hadisəsi oldu. Çünki uzun illər camaat arasında belə şaiyə gəzirdi ki, bizim generalın ömrü, adi Yer vaxtına tabe deyil, kometanın gəlişi ilə bağlıdı. Deyirdilər ki, kometa gəlməyənəcən və o, kometanı görməyənəcən, generala ölüm yoxdu. Bu, onun alın yazısı idi. Yaltaqlar nə deyirlər desinlər, ona ikinci kometanı görmək müyəssər olmayacaqdı. Odu ki, həmin o noyabr gecəsi biz, kometanın gəlişini, dirçəliş gününü gözləyən kimi, əsrdə bir dəfə baş verəcək ən gözəl dünya hadisəsi kimi gözləyirdik və zəngləri, son yüz illikdə ilk dəfə olaraq, onun şərəfinə yox, ölümünə çalmağa hazırlaşırdıq; axşam saat on birdə, düz on bir qulaqbatıran zəng çalınmalıydı... General özü isə kometanın gəlişini, Manuela Sançesin evinin yastı damında, Manuelayla anasının arasında otura-otura, ürəyinin həyəcanlı döyüntüsü eşidilməsin deyə, dərindən nəfəs dərib, bərkdən-bərkdən ah çəkə-çəkə, donuq göyə qorxu içində baxa-baxa Manuela Sançesin, onun bütün bədənini riqqətə gətirən şirin nəfəsini uda-uda gözləyirdi. Çox keçmədi ki, o, uzaqlardan, kometanın gəlişini həsrətlə gözləyənlərin, pıçıltıyla oxuduqları duaları, dünyanın axırından xəbər gətirən bu əlamətin - sirli möcüzənin qarşısında diz çökən camaatın, yeraltı vulkan təkanlarını xatırladan uğultusunu, təbillərin gurultusunu eşitdi və ömründə birinci dəfə zamanın hüdudsuzluğunu hiss etdi… ilk dəfə, həqiqətən, nə vaxtsa bir vaxt öləcəyini bütün vücuduyla hiss elədi və həmin an gözü Manuelaya sataşdı: - «Bax, kraliça, bu odur!»
Kometa, ulduz kəhkəşanının uzaq ənginliklərindən, kainatın ucsuz-bucaqsız sonsuzluğundan gəlirdi... O, bizim dünyamızdan çox-çox qədim idi, göyün tən yarısına sığmayan qəmli, alovlu meduzaya bənzəyirdi, saniyədə milyon kilometrlərlə uça-uça, onu doğma yerinə çəkib gətirən havayla bizə sarı axırdı... Tezliklə hamı onun hərəkətinin səsini – küləyin dalğalandırdığı dəmir saçağın səsini eşitdi, hamı onun hüznlü simasını, yaşla dolu gözlərini, kainat fırtınasından dağılıb açılan ilanabənzər hörüklərini gördü... O, arxasınca işıqlı ulduz tozu yaya-yaya, qəlpələrini havada vıyıldada-vıyıldada, möhtəşəm zərbələrindən, Yer üzündə, zaman məhfumundan çox-çox əvvəl, nəhəng kömür yarğanları, dərin okean uçurumları açan yanar parçalarını ata-ata gəlirdi. «Bax, kraliça, yaxşı-yaxşı bax... O, bir də yüz ildən sonra gələcək!» - deyə qoca pıçıldadı. Kometanın fosforlu işığı altında, ulduz tozunun dumanında əvvəlkindən daha gözəl görünən Manuela qorxu içində xaç çəkib onun əlindən yapışdı. «Anam mənim, Bendisyon Alvarado, nəhayət bu baş verdi… o, mənim əlimdən tutdu!..» Manuela isə qocanın əlindən nə vaxt tutduğunu hiss eləməmişdi… qarşısında gözlənilmədən açılan əbədiyyət uçurumundan dəhşətə gəldiyindən, özündən asılı olmayaraq, kömək üçün qocanın əlindən – adsız barmağında prezident möhürü qaralan qəddar qocanın incə, şümal əlindən - hakimiyyət ocağında aramla bişib közərən əlindən tutmuşdu...
Biz, bu ilahi möcüzədən – göyün üzünü örtüb, ölkənin üstünə ulduz yağışı tökən bu odlu meduzanın gəlişindən bir o qədər də həyəcanlanmamışdıq, çünki fikrimiz ondaydı ki, görək bütün bunlar nə ilə nəticələnəcək. Aramızda ən ümidsizlər belə, inanırdılar ki, nə isə olacaq, nə isə, görünməmiş bir hadisə baş verəcək - dünya dağılacaq, xristianlığın əsasları alt-üst olacaq, üçüncü inam erası başlayacaq… Beləcə, böyük dəyişiklikləri gözləyə-gözləyə, biz, səhərəcən küçələrdə qaldıq, sonra yuxusuzluqdan əyilən üz-gözümlə evlərimizə dağılışdıq. O gecə biz evlərimizə, ulduz tozu və odlu qəlpələr tökülmüş küçələrlə veyillənə-veyillənə getdik, süpürgəçilər artıq kometanın səpələdiyi səma tör-töküntüsünü süpürürdülər, biz isə, yenə də heç nəyin baş vermədiyinə, böyük tarixi yalanın qurbanları oluğumuza inanmaq istəmirdik...
Axı rəsmi dairələr, kometanın uğurlu uçuşunu dövlətin, qara qüvvələr üzərində qələbəsi kimi qiymətləndirmişdilər; odlu meduzanın bu uğurlu uçuşu, həm də camaatın, prezidentin ayağına yazdığı əcayib xəstəliklər barədə şayələrə son qoymaq üçün də istifadə edildi, yəni məgər xəstə insan göyləri idarə edə bilərmi?.. Qəzetlərdə onun, xalqa ünvanladığı rəsmi bəyənatı da dərc olundu. Bu müraciətdə o, ikinci kometanın gəlişinəcən öz vəzifəsində qalacağını qərara aldığını bildirirdi. Musiqi guruldayır, onun ölümünə, dövlət çevrilişinə hazırlanan fişənglər göyə atılırdı. Lakin, o nə musiqini, nə əllərində şüarlar Armas meydanına axışıb gələn camaatın qışqıra-qışqıra: «Vətənin əbədi xilaskarına eşq olsun!.. Qoy o, əsrlər boyu yaşasın!.. Bizdən gələcək nəsillərə xəbər aprasın!..» - deməklərini eşitmirdi. Bütün bunlar, zərrə qədər olsun, onun diqqətini cəlb eləmir, dövlətin ən məsuliyyətli işləri belə yadına düşmür, bütün bu işləri məmurlara həvalə edirdi. Çünki bütün içi, Manuela Sançesin, o gün ovcunun içində alışıb yanan əlinin xatirəsiylə alışıb-yanırdı. O, həmin xöşbəxt anı bir də yaşamaq üçün ölümə də razı idi, buna görə hər şeyi alt-üst eləməyə, dünyanı dağıtmağa dəyərdi. Həmin o anı o, o qədər ehtirasla arzulayırdı ki, məcbur olub alimlərə, yalvarıb onlardan, yalançı kometa, uçan ulduz, alovlu göy əjdahası, bir sözlə, əbədilik qarşısında gənc, gözəl qadının başını gicəlləndirə biləcək təsirli bir göy hadisəsi kəşf etmələrini xahiş etməli oldu. Lakin alimlər ona, yalnız bircə şeyi edə biləcəklərinə söz verdilər, bu da, gələn həftənin çərşənbə günü, günorta saat dörddə günəşin batması hadisəsi ola bilərdi. Onun, razı olmaqdan başqa ayrı əlacı qalmadı. Günəşin batması əməliyyatı isə lazımi səviyyədə alındı, günün günorta çağı ölkəyə qaranlıq gecə çökdü, ulduzlar sayrışdı, güllər bükülüb bağlandı, toyuqlar hindəki yerlərini tutdular, it-pişik bir-birinə qarışdı və o, Manuela Sançeslə yanaşı oturub, onun nəfəsini, qəfil qaranlığa aldanıb solan qızılgülünün qoxusunu içinə çəkdi. «Bu, yalnız sənin üçündü, kraliça! Bu, sənin qaranlığındır!» Lakin bu dəfə Manuela Sançes ona heç bir cavab vemədi, əlindən də tutmadı və o, daha qızın nəfəsini eşitmədi… Manuela ona yuxu kimi göründü… Onda o, əlini qıza sarı uzadıb, qaranlıqda ona toxunmağa çalışdı, lakin əli boşluqdan asıldı, barmaqlarının ucu, Manuelanın indicə oturduğu stula toxundu… stul, hələ də Manuelanın iyini özündə saxlamışdı, amma qız özü yoxa çıxmışdı… odu ki, o, bütün evi dolaşa-dolaşa, əlini divarlara, künclərə sürtə-sürtə, yuxulu gözləriylə qaranlığı axtara-axtara, yanıqlı-yanıqlı yalvarıb: «Hardasan, ey mənim bədbəxtliyim, Manuela Sançes?.. Mən səni axtarıram, amma səni, sənin qaranlığında tapa bilmirəm. Hanı sənin o qəddar əlin, qızılgülün hanı?..» - deyə-deyə gəzdi. O, qaranlığın içiylə, dərin sularda azan üzgüçü kimi - gah əfsanəvi lanqustaya – qalvanometrə, gah ələkeçməyən koral daşlarına – zəngli saata, gah əcaib xərçənglərə – illüziya fokusları üçün ləvazimatlara toxuna-toxuna üzür, lakin bu qaranlıq sularda – hədiyyələr anbarına çevirdiyi bu evdə bircə Manuela Sançesi tapa bilmir, onun, səhləb çiçəyinin qoxusunu andıran nəfəsini eşidə bilmir, yalançı gecənin qaranlığı get-gedə əriyib itir, qəddar işıq, onun xəyallarını dağıdıb seyrəldirdi. Axşamüstü isə, sübh çağı, saat altıda onu, ömründə heç vaxt keçirmədiyi dərin kədər hissi bürüdü və o, özünü qəfildən Allahdan da qoca hiss elədi... Bu nəhəng, boş evin qaranlığındakı tənhalığını, olsun ki, bu dünyada bir kimsə hiss edə bilməzdi. «Sənsiz dünyamın tənhalığı, mənim kraliçam, bu sirrli qaranlığın içində əriyib əbədiyyətə qovuşdu.» Bu hadisədən sonra o, ölkəni də uzun müddət beləcə - Manuela Sançesi, evin gizli dəhlizlərində:«Hardasan, ey mənim məhvimin Manuela Sançesi?» - deyə-deyə, axtara-axtara idarə elədi. Manuela Sançes isə həmin o gecə, günün üzü tutulanda elə bil qeybə çəkilmişdi…. Ona belə xəbərlər çatdırılırdı ki, guya Puerto-Rikodakı böyük karnavalda kimsə Manuelanı görübmüş, guya orda o, özünü Yelena kimi təqdim eləyibmiş və elə orda da onu kimsə bıçaqlayıbmış… bir qədər sonra da məlum olurdu ki, bu, o deyilmiş... Gah da deyirdilər, guya rumbanın yaradıcısı Papa Monteronun* şərəfinə keçirilən bayramda Manuela rumba rəqsi oynayırmış, sonra yenə məlum olurdu ki, rəqqasə o deyilmiş. Deyirdilər, onu Barlovento adalarında - mağaralar olan yerdə, mağaraların girəcəyində rəqs edənlərin arasında görüblər, deyirdilər, onu Arakatakadakı şənliklərdə, Panama dəflərinin ritmləri altında hərlənən görüblər, sonra da məlum olurdu ki, bu, o deyilmiş: «Onu iblis aparıb, mənim generalım, iblis, ayrı cür ola da bilməz!..»
Onda o, acı kədərdən bircə ona görə ölmədi ki, özünü ölümün ixtiyarına vermək üçün hirsi-hikkəsi çatmadı, çünki bilirdi ki, sevgidən ölməyəcək, bilirdi ki, onun taleyinə belə bir ölüm yazılmayıb. O, bunu həmin o uzaq gecə - hələ hakimiyyətə qədəm qoymamış, görücü-falçı qadının yanına gedib, falına suda baxdırandan, sehrli suyun, onun ovcunda yazılmayanları, kartda, qəhvə çöküntülərində və sairədə görünməyənləri açandan bilirdi. Yalnız əzəl suyun güzgüsü taleyin gizli sirrlərini aça bilərdi. Və həmin əzəl suyun güzgüsündə o, öz ölümünü görmüşdü… necə öldüyünü, öz əcəliylə – yuxuda, iclas zalının yanındakı kabinetində, döşəmənin üstündə üzü üstə uzanan yerdə, ömrü boyu yatdığı həmin vəziyyətində – üzünü, balış əvəzinə ovuclarının içində gizlədiyi yerdə, nişansız hərbi səhra geyimində, qızılı mahmızlı uzunboğaz çəkmələrdə, naməlum yaşda – yüz yeddi yaşla, iki yüz otuz yaş arasında öldüyünü görmüşdü.


Ömrünün payızında da biz onu eynilə belə bir vəziyyətdə tapdıq, daha doğrusu, onu yox, Patrisio Araqonesin meyitini tapdıq və budur, onun yalançı ölümündən bir çox illər ötəndən sonra biz yenə onun meyitinə tamaşa edirdik – həmin o yerdə, həmin o vəziyyətdə və həmin o geyimdə; lakin həmin o hərc-mərclik dövründə heç kəs heç nəyə əmin deyildi və heç kəs qəti deyə bilməzdi ki, bu, həqiqətən onun ölüsüdür, quzğunların dimdikləyib-parçaladığı, soxulcanların eşib-yediyi bu qoca cəsəd məhz onun meyitidir; çürüyüb eybəcər şəklə düşmüş bu əlin – qəlbi eşqlə çırpınan millət atasının əli, Böyük Qalmaqal əsrinin qənirsiz gözəlindən rədd cavabı aldıqda ürəyini tutan bir insanın əli olduğuna inanmaq qeyri-mümkün idi; bu meyitdə elə bir əlamət, ya nişanə yox idi ki, onun kimliyini müəyyən etmək mümkün olsun. Əslinə qalanda bu, təəccüb doğurmurdu, çünki öz şöhrətinin zirvəsində olduğu vaxtlarda da, onun həqiqətən mövcud olub-olmadığına möhkəm şübhə vardı; hətta ona xidmət eləyənlərin də, onun əsl yaşı və görkəmi barədə aydın təsəvvürü yox idi; o səbəbdən ki, müxtəlif yerlərdə və şəraitlərdə o, müxtəlif görkəmlərdə, qiyafələrdə olurdu: yarmarkada toibolada* iştirak edəndə, azı səksən yaşlı qocaya oxşayır, rəsmi qəbullarda isə, altmış yaşı ona güclə vermək olurdı; bayramlarda isə, o, ortaya qırx yaşlı kişi çevikliyi ilə atılıb meydan sulayırdı. Ona öz etimadnaməsini təqdim edən son diplomatlardan biri – səfir Palmerston, oxunması bizim ölkədə qadağan edilmiş memuarlarında yazmışdı ki, ondan qoca adam təsəvvür etmək çətindir, səfir əsasən də, onun, sarayında hökm sürən ağlasığmaz pintiliyi, qarmaqarışıqlığı təsvir eləmişdi: «Mən, dağ kimi qalanmış kağız topalarını, inək təsi, at nəcisi qalaqlarının dövrəsindən hərlənib keçməli olurdum. Dəhlizlərdə, itlərin gəmirdiyi sür-sümük çürüyürdü, itlərin özləri isə elə ordaca mürgüləyirdi... Xidməti otaqlarda küllənənlərdən heç biri, mənim bircə sualıma da cavab verə bilmədi və onda mən, o dövrlər artıq yaşayış otaqlarını zəbt etmiş cüzamlı xəstələrə müraciət etdim ki, dövlət şurası salonunun yerini mənə göstərsinlər. Həmin salonda isə toyuqlar dümələnir, qobelenlərdə təsvir edilmiş buğda zəmilərindəki sünbülləri dimdikləməyə can atırdılar… bir inək, yepiskopun şəkli çəkilmiş kətanı divardan qoparmaqla məşğul idi. Prezidentə gəlincə isə, mən dərhal başa düşdüm ki, o, min ilin karıdır. Yalnız ona görə yox ki, suallarıma uyğunsuz cavablar verirdi, həm də ona görə ki, məni görcək, öz təəssüfünü bildirərək, qəfəsdəki quşların nədənsə susmağından möhkəm dilxor olduğunu bildirdi; halbuki, quşlar, həmin an nəfəs dərmədən, cəh-cəh vura-vura oxumaqlarındaydılar: hətta adama elə gəlirdi ki, sübhün erkən çağında baltadəyməmiş meşədəsən. Qəfildən o, etimadnamələrin təqdim edilmə mərasimini yarıda kəsərək, üzü işıqlana-işıqlana, ovuclarını yumurlayıb qulağına apara-apara, başıyla arxanı - bir vaxtlar dəniz çalxalandığı, indi isə tozlu düzənliyin uzandığı pəncərəni göstərib, məni nədənsə Stitson zənn edərək, var gücüylə: «Eşidirsən, əziz Stitson? Bu, qatır ayaqlarının tappıltısıdır! Onlar bura qaçırlar, çünki dəniz qayıdır! Eşidirsəni?!..» - deyə bağırdı. İnanmaq olmurdu ki, hay-hayı gedib, vay-vayı qalan bu qoca, nə vaxtsa federalçıların cəsur başçısı, xalqın sevimlisi olub, öz hakimiyyətinin ilk illərində keşikçisiz-filansız, bircə maçete ilə silahlanmış vur-tut bircə quahironun və mədəsinin vəziyyətindən asılı olaraq, barmağının bircə işarəsiylə təyin elədiyi millət vəkilləri və senatorlardan ibarət bir ovuc məiyyətin müşayiəti1ə qəfildən şəhər və kəndlərdə peyda olmağı sevib. O, bu və ya digər kəndə gəlib məhsulun vəziyyəti, mal-qaranın sağlamlığı və hər bir sakinin şəxsi həyatı ilə maraqlanıb. Adətən o, xalqla kənd meydanında, manqa ağaclarının kölgəsində qoyulmuş yelləncək-kreslosunda əyləşərək, üzünü general furajkasıyla yox, o illər geydiyi adi papaqla yelpikləyə-yelpikləyə söhbət edib; və onda adama elə gəlirdi ki, o, bürküdən üzülmüş halda mürgü vurur, ona deyilənləri qulaqardına vurur, yaxud da heç eşitmir; əslində isə o, kəndin kişi və qadınlarının ona dediklərini son sözünəcən eşidib yadında saxlayırdı; o, bu adamları, adlarına, familiyalarına qədər tanıyırdı, ölkə sakinlərinin adbaad yığılmış siyahısının - minlərlə rəqəmi, millətin bütün problemlərini, istisna olunmadan, əzbər bilirdi. «Xasinto Morales, bəri gəl, - deyə o, gözlərini açmadan məni çağırdı. Danış görək, ötən il orduya göndərdiyim oğlun indi hardadı və necədi. Əsgərlikdəki imalələrin ona xeyri oldu, ya yox?» «Salam, Xuan Priyeto, - mənə dedi. – Cins düyən özünü necə hiss eləyir? Yadındadı, mənim cadu-ovsunumdan sonra qulağının soxulcanları necə töküldü?» Mənə isə dedi: «Hə, Matilda Peralta, qaçaq düşmüş ərini qaytardığıma görə mənə nə verəcksən? Sən Allah, bir buna tamaşa elə, görürsən, boynuna kəndir salıb gətirmişəm, özünə də xəbərdarlıq eləmişəm ki, qanuni arvadından bir də qaçmaq istəsə, ömrünün axırınacan ayağında qandal, çürüyəcək».
Məişət məsələlərində olduğu kimi, ictimai işlərdə də o, hər məsələyə dərhal əncam çəkirdi; məsələn, qəssaba əmr edirdi ki, o, oğru xəzinədarın qolunu camaatın gözü qabağında kəssin, hər şey barədə, hətta pomidor və pomidor yetişdirən torpaq barədə belə o, bu sahənin ən təcrübəli ixtisasçısı ədasıyla mühakimə yürüdürdü;kiminsə bostanında bitən pomidorun dadına baxıb, onu müşayiət eləyən aqronomlara, alimlərə: «Bu torpağın gübrəsi çatışmır, özü də hansı gəldi yox ha, ulaq peyini. Özü də dişi eşşəyin yox, erkək eşşəyin peyini! Göstəriş verərəm, dövlət hesabına gətirərlər!» - deyə bildirir və gülə-gülə yoluna davam edirdi.»
«…Bir dəfə o, mənim pəncərəmə boylanıb sevinə-sevinə: «Paho, bu sənsən, Lorensa Lopes?! Tikiş maşının necə işləyir?» - dedi. O, bu maşını mənə, azı iyirmi il bundan əvvəl bağışlamışdı… dedim, «çoxdan canı çıxıb, neynəmək olar, bu dünyada heç nə əbədi deyil - nə insanlar, nə əşyalar.» Lakin o, dedi ki, mən heç nə qanmıram, dünya əbədidir, sonra evə girdi və onu küçədə gözləyən məiyyətini büsbütün unudaraq, burqacın köməyilə tikiş maşınını sökməyə, hissələrini bir-bir maşın yağıyla yağlamağa başladı. Beləcə, tikiş maşınıyla bir xeyli əlləşdi… o, ləhləyir, buğa kimi fısıldayıb fınxırırdı, əlləri, pal-paltarı, üz-gözü də maşın yağına bulaşmışdı… üç saatdan sonra tikiş maşını, təzə maşın kimi işlədi!» Bəli, o vaxtlar o bu cür adam idi, ən xırda məişət işiylə dövlət əhəmiyyətli iş arasında fərq görmürdü, bunları eyni ciddilik və inadkarlıqla həll edirdi, o vaxtlar o, səmimi-qəlbdən inanırdı ki, insanlara xöşbəxtlik bəxş etmək, ölümü isə, fərasətin və fəhmin köməyi ilə aldatmaq olar. İndi isə o heysiz bir qoca idi! Halbuki bir vaxtlar onun hökmü o qədər əzəmətli və kəsərliydi ki, o, kimdənsə saatı soruşanda: «Saat neçəni əmr etsəniz, mənim generalım!» - cavabını alırdı və həqiqətən də o, günləri, həftələri könlü istədiyi kimi idarə edir, ona lazım və sərfəli olanda, gündüzləri gecə, gecələri gündüz bilməyi əmr edirdi; qəbulolunmuş ənənəvi bayram günlərini də o, istədiyi kimi dəyişdirirdi, təqvimi elə tərtib edirdi ki, onun ölkənin bu və ya digər rayonuna gəlişi hansısa bayramla bir vaxta düşsün ki, özünü başqa yerdə də həmin bayrama çatdıra bilsin; hər yerdə də onu, gölgəsi, əli maçeteli olan, ayaqyalın hindu, qaragün senatorları və taxta qəfəslərdə döyüş xoruzları müşayiət edirdi: o, tamaşaçılarla, bu və ya digər xoruza görə ucadan mərc gəlir, təbil səsini andıran əcayib qəhqəhəsindən qalyeranın taxta meydançası titrəyirdi; bu qəhqəhə, musiqinin səsini də, göyə atılan fişənglərin parıltısını da asanca batırırdı, çünki biz hamımız onunla birgə qəhqəhə çəkməli, o susub həyəcanlananda, iztirab içində susmalı, onun xoruzları bizim xoruzlara qalib gəldikdə, bu qələbəni sürəkli alqışlarla qarşılamalıydıq; xoruzlarımız onun xoruzlarına basılmağa elə ustalıqla öyrəşmişdi ki, bu savaşlarda demək olar, heç vaxt pərtlik olmurdu; yalnız bir dəfə Dionisio İquaranın qoçaq xoruzu qarşısıalınmaz sərt bir həmləylə, adlı-sanlı qonağın göyümsov xoruzunu altına basıb boğazını üzmüşdü; o vaxt hamımız qorxudan yerimizdə donub qalmışdıq, general isə qalxıb Dionisioya tərəf yönəlmişdi və onun əlini sıxaraq: «Afərin! – demişdi. – Əsl kişisən!» Onda iş elə gətirmişdi ki, bu oyun generalın kefinin yuxarı vaxtına təsadüf eləmişdi, odu ki, Dionisionun xoruzunun ədəbsizliyi onun kefini poza bilməmişdi. Əksinə, bu yeni növ hiss-həyəcana görə bir növ ona minnətdarlıq hissi duymuşdu.
Prezident:«Bu xoruza neçə verim?» - deyə soruşanda, Dionisio İquaran çəkinə-çəkinə: «Peşkəşdi, cənab general, - demişdi - götürün». Dionisio İquaran, camaatın alıqışı, musiqi və fişəng səslərinin sədaları altında evinə yollananda və yol boyu hamıya, məğlubedilməz, qırmızı xoruzunun əvəzinə ona peşkəş verilmiş altı ədəd yarlı-yaraşıqlı, cins xoruzu göstərib öyünəndə, çoxları ona qibtə eləmişdi; lakin elə həmin gecə Dionisio İquaran yataq otağına girib qapını arxadan bağlamışdı, bir şüşə əldəqayırma qamış romunu başına çəkib, özünü qamakın kəndirindən asmışdı… çünki zavallı, generalın bu yüksək mükafatına, ənamına layiq görülmüş şəxsi hansı bədbəxtliyin və fəlakətlərin gözlədiyini yaxşı bilirdi; generalı isə belə şeylər əsla düşündürmürdü, bütün bu təntənəli mərasimlərdən və səfərlərdən sonra, görüş vaxtı hal-əhval tutub söhbət elədiyi, yaxud, sadəcə, adlarını çəkdiyi adamların başına bu qədər faciəli hadisələrin gəlməsi də niyəsə onu düşündürmür, arxasınca uzanan «arzuolunmaz şəxslərin» qanlı izi də onu narahat eləmirdi; onu sevənlərin yeganə qisməti lənət və ölüm idi; adi söhbətlər zamanı kimsəninsə onun adını səhv deməsi, ya hər hansı sözü başqa şəkildə işlətməsi kifayət idi ki, onu müşayiət edən muzdlu əlaltıları bu təsadüfi xətanı, heç bir günahı olmayan bu adamın təqibinə başlamaq işarəsi kimi yozsunlar.
O, ölkə boyu əcaib armadil* yerişiylə gəzib dolanır, üz-gözü tük basmış, qatı tər iyi verən vücuduyla qəfil gözlənilməzliklə evlərin birində, yaxud, kiminsə mətbəxində peyda olurdu; ilk baxışda, fağır yolçunu andıran bu adamın gəlişi ev sakinlərinin canına vəlvələ salır, o, totunayla** gil badyadan su götürür, onu fınxırtıyla içib yanğısını söndürür, yaxud, qazana yaxınlaşıb əlini onun içinə soxur, ət tikələrini seçib götürür, ağzını marçıldada-marçıldada, köpənəcən yeyirdi; o elə sadəydi ki, bu sadəlikdən adamların canına niyəsə üşütmə düşürd, amma özünün ağlına da gəlmirdi ki, indən belə onun təşrifinin lənətli izi, ya nişanəsi həmişəlik olaraq bu evdə qalacaqdı; bir də o, bunu hansısa siyasi məqsədlərlə yox, sonralar da olduğu kimi, xalqın məhəbbətini və pərəstişini qazanmaqdan ötrü eləyirdi, çünki bu məhəbbətə ehtiyaclıydı, bir də ona görə belə eləyirdi ki, əslində, o çox sadə adam idi, necə görünürdüsə, elə həmin o adam idi. Həmin dövrdə hakimiyyət onun üçün, sonralar toxluqdan çiyrinmiş payızında olduğu kimi, adamı tədricən içinə soran bataqlıq yox, coşqun sel idi və həmin bu sel, bizim hamımızın gözləri qarşısında, ən qədim və dərin qatlardan fışqırıb üzə çıxan axın kimi bir şey idi; hakimiyyət onu idarə eləmirdi, o, hakimiyyəti idarə edirdi və bar verməli olan ağacı barmağıyla göstərməyi kifayət idi ki, həmin ağac bar versin, balalamalı olan heyvanı göstərməyi kifayət idi ki, o heyvan balalasın, hansısa məqsədə yetmək istəyən adamı göstərməyi kifayət idi ki, həmin şəxs öz məqsədinə çatsın; o, yağışı, məhsula ziyan verəcək yerlərdə dayandırıb, onu quraq torpaqlara yağmağa məcbur eləməyi də bacarırdı. – «Senyor, bütün bunları mən öz gözlərimlə görmüşəm!» Onun haqqında yayılan bu sayaq əfsanələr, o, hakimi-mütləq olub, özü də buna inanandan çox-çox əvvəllər yaranmışdı, hələ o illərdə yaranmışdı ki, o, müxtəlif əlamətlərə, qara-qura yuxuların, vəhylərin yozumuna, cadu-pitiyə inanırdı.
Məsələn, o, yenicə başladığı səfərini yarıda kəsirdi ki, nə var-nə var, başı üzərindən uçub keçən piqma quşu bir-iki ağız cükküldəyib, yaxud xalqla baş tutmalı görüşü başqa vaxta keçirirdi ki, bəs anası Bendiyon Alvarado toyuq yumurtasında iki özək aşkar edib; bir dəfə isə - növbəti səfəri ərəfəsində, onu hər yerə müşayət edən məiyyətindən, özünün söyləməyə cəsarəti çatmadığı nitqləri onun əvəzinə söyləməli olan senatorlardan və millət vəkillərindən o səbəbdən imtina etmişdi ki, həmin gecə o, qorxulu yuxu görmüşdü… görmüşdü ki, böyük, mebelsiz bir otaqda, onu dörd tərəfdən əhatəyə almış, qəssab bıçaqlarıyla yaraqlanmış boz pencəkli kişilərin arasındadı… onlar, irişə-irişə, əllərindəki bısaqla onu kəsib-doğrayırlar, ha tərəfə çönürsə, ha yana gedirsə, üzünü yaralamağa, gözlərini oyub tökməyə köklənmiş bu bıçaqlarla üzləşdikcə, özünü, bu əcaib təbəssümlü, ölü rəngli, qaradinməz qatillərin arasında, qovulub boğazlanmış heyvan kimi hiss edir, onlar, bu qurbanlıq mərasimini başa çatdıracaq ən sonuncu və həlledici zərbənin kimin vuracağını və bununla da, kimin birinci olaraq onun qanından içmək şərəfinə nail olacağını götür-qoy edirlər; lakin o, artıq nə qorxu, nə qəzəb hiss edir, daxilində qəribə bir əminamanlıq duyur, həyat bədənini tərk etdikcə, bu dinclik canına bir az da çox yayılırdı; öz cismini, çəkisini daha duymurdu… ruhunu, qəlbini anlaşılmaz bir rahatlıq, izaholunmaz bir aydınlıq sarmışdı… o hətta gülümsəyirdi: öz qatillərinə, öz qismətinə gülümsəyirdi… və budur, nəhayət onlardan biri - yuxuda onun oğlu olan şəxs, əlindəki qəssab bıçağını onun qasığına soxub sonuncu havanı buraxdı… və qanı otağın ağ divarlarına, bu dəhşətin ağlığına çiləndi… «Onda mən qana bulaşmış ponçomu üzümə çəkdim, üzümü örtdüm ki, diri olarkən məni tanımayanlar, ölü halımda da tanıya bilməsinlər və yerə yıxıldım, can verməyə başladım…» Yuxu o qədər real idi ki, o özünü saxlaya bilməyib onu öz həmyerlisinə - səhiyyə nazirinə danışdı, nazir də bu sayaq ölümün artıq tarixdə təsvir edildiyini söyləməklə onun xofunu bir az da artırdı. «Eynilə belə bir ölüm, mənim generalım!» Və səhiyyə naziri, general Lautaro Munyosun kənarları yanmış, qalın kitabını əlinə alıb eynilə bu cür qətlin təsvir olunduğu epizodu oxudu. «Hə, hər şey mənim yuxumda olduğu kimiydi, ana! Mən onu dinləyərkən, hər şeyi yenidən xatırladım, unutduğum ən xırda detalları belə xatırladım… məsələn, necə yuxudan ayılandan sonra havanın küləksiz olmasına baxmayaraq, iyirmi üç pəncərənin öz-özünə açıldığını xatırladım… yuxuda da mənə düz iyirmi üç bıçaq zərbəsi vurulmuşdu. Bu nə dəhşətli uyarlıqdı?!» Uyarlıq, tək bir bununla bitmədi, yuxum, bir növ çin oldu, elə həmin həftə hərbi qüvvələrin səhlənkarlığı, yaxud, bilərəkdən yaxalarını kənara çəkməsi nəticəsində senata və ali məhkəməyə quldur basqıları baş verdi; hücum edənlər, milli sərvətimizin – senatın altını üstünə çevirdilər… o senatın ki, bir zamanlar müstəqillik uğrunda mübarizənin fədailəri ordan, millətimizin suverenliyini elan etmişdilər; senat yandırıldı, yanğının alovları gecə yarısınadək tuğyan etdi, bu dəhşətli mənzərəni prezident iqamətgahının balkonundan da aydınca seyr etmək olurdu, yanğın, bu tarixi binanın özülündən belə əsər-əlamət saxlamadı və kiminsə, nəinki binanın özünü, onun xatirəsini belə yaddaşlardan birdəfəlik silməyə çalışdığı xəbəri isə prezidenti zərrə qədər məyus etmədi; bizə vəd edildi ki, cinayətkarlar mütləq axtarılıb tapılacaq və tezliklə Qəhrəmanlar Evinin tam eyni olan bir bina ucaldılacaq; lakin cinayətkarlar tapılmadı, senat binasının xarabalığı isə indi də olduğu kimi qalmağındadır. Senatorlara, ali ədalət məhkəməsinin işçilərinə gəldikdə isə prezident öz yuxusunun bəd yozumunu heç də onlardan gizlətmək fikrində deyildi, əksinə, bir vaxtlar yuxuda aldığı xəbərdarlıqla öz hərəkətlərinə haqq qazandıraraq, qanunvericiləri, iti qovan kimi qovdu, köhnə respublikanın məhkəmə aparatını büsbütün dağıtdı, senatorları, millət vəkillərini, ali məhkəmə hakimlərini isə (onun, onlara artıq heç bir ehtiyacı yoxidi, o səbəbdən ki, hakimiyyətinin qanuniliyinin təsdiq edilməsinə heç bir ehtiyac duymurdu) mükafatlandırdı - pulu yağış kimi başlarına yağdırdı, sonra da bir-bir uzaq ölkələrə səfir göndərdi, öz yanında isə yalnız bircə nəfəri – öz kölgəsini, əli maçeteli, ayağıyalın, qaraqabaq hindunu saxladı; hindu onu bir an belə tək buraxmır, içəcəyi mayeni, yeyəcəyi yeməyi birinci öz üzərində sınaqdan keçirir, heç kəsi, ona müəyyən olunmuş məsafədən yaxına gəlməyə imkan vermirdi. « Bu hindu, prezident yanımda olduğu saatlarda da qapının ağzını kəsdirib dayanırdı. Söhbət gəzirdi ki, guya prezident mənim oynaşımdır, əslində isə o, yanıma ayda iki dəfə kart falına baxmağa gəlirdi. Bu, uzun illər davam etdi, o vatlar o özünü, hələ haçansa öləcək bəndə kimi hiss edirdi, hələ də şübhə və tərəddüdlər içindəydi, özü də bunu etiraf edirdi ki, o da səhvə yol verə bilər və kart falına öz vəhşi, fitri instinktindən daha çox inanırdı. O, adətən mənim yanıma, nədənsə qorxub-hürkəndə, canını xof alanda, qorxudan qocalıb qartımış vəziyyətdə gəlirdi; mən, onu ilk dəfə görəndə də o eynil belə bir vəziyyətdəydi… içəri daxil olub əllərini - qurbağa qarnı kimi tarıma çəkilmiş hamar dərili, yumru ovcunu mənə uzatdı… mən, bu uzundan da uzun ovsunçu-falçı ömrümdə hələ bu cür gözəl əllər görməmişdim, heç sonralar da görmədim! O, lal yalvarış və ümidsizlik dolu gözlərini üzümə dikib, hər iki əlini stolun üstünə qoydu… görürdüm axı necə içi gizli təşvişdən və özünə inamsızlıqdan doğranıb-tökülür, onu da görürdüm ki, daha ürəyində bircə dənə də olsun, arzu, ümid qalmayıb, bədbinliəyə qapılıb və onda məni, onun əllərindən daha çox, hüdudsuz qüssəsi və yalqızlığı heyrətə gətirdi. Onun zavallı qəlbinə, şübhələrdən üzülmüş qoca qəlbinə acıdım və falına baxmağa başladım, lakin onun taleyi, alın yazısı mənim üçün anlaşılmaz, büsbütün qaranlıq qaldı. Nə onun ovcu, nə də digər fal üsullarıyla heç nəyi oxumaq olmurdu… onun kartlara toxunmağıyla, kartlar rəngini dəyişir, bataqlıq suyuna düşən kimi qapqara qaralır, fincanın dibinə çökən qəhvə, bulanıq palçığa çevrilirdi. Onun şəxsiyyəti ilə bağlı heç bir üsulla heç nə öyrənmək mümkün olmurdu… qəribədi ki, onun onun falında, onunla ünsiyyətdə olan yaxın adamların taleyi apaydın oxunurdu. Orda mən, onun anasını - Bendisyon Alvaradonu görə bildim və ona, anasının lap qocalandan, kar olmağa başlayandan sonra hansısa əcaib quşları necə rəngləyəcəyini də göstərdim, o isə: «Yazıq anam!» - deyib ah çəkdi. O biri dəfə falına baxanda, şəhərimizin qasırğadan necə dağılacağını gördüm, qasırğa o qədər dəhşətliydi ki, onun, qadın adını xatırrladan adı belə iyrənc məsxərə kimi səslənirdi. Bir dəfə isə biz, belində qılınc olan, yaşıl maskalı bir kişini gördük və prezident təşvişlə soruşdu ki, hazırda bu adam hardadı, kartlar cavab verdi ki, bu adam, çərşənbə günləri, o biri günlərə nisbətən prezidentə daha yaxın olur, o dedi: «Aha», sonra soruşdu ki, bu adamın gözləri nə rəngdədir, kartlar cavab verdi ki, işıqda baxanda, onun bir gözü quarapo-şərab rənginə, o birisi, tünd rəngə çalır və o dedi: «Aha!», sonra soruşdu ki, bu adamın niyyəti nədir? Mən, daha dözə bilməyib bütün həqiqəti açıb ona danışdım; dedim ki, yaşıl maska - xəyanət və namərdliyə işarədir, o, təntənəylə: «Aha! - dedi. – Bilirəm o kimdi! Dəqiq bilirəm!» Bu adam, onun yaxın köməkçilərindən biri, polkovnik Miravan idi… bir neçə gündən sonra həmin polkovnik tapançanı qulağına sıxıb özünü vurdu və ölümündən sonra heç bir əlçim kağızı da tapılmadı ki, camaat onun bu intiharının səbəbini bilsin.
İnsanların və vətənin taleyini, onun tarixi yollarını o, beləcə, kart falı əsasında müəyyən edirdi. Yalnız sonralar, adi suya baxaraq, kimin nə vaxt və harada öləcəyini söyləyə bilən, bu sahədə misli-bərabəri olmayan görücü qarı haqqında eşitdiyi gündən, kart falı gözündən düşdü və o, maçete ilə silahlanmış mühafizəçisinin müşayəti ilə hamıdan xəlvət həmin görücünü axtarmağa yollandı, yalnız qatar keçə bilən dağ cığırlarıyla, dərələrin dibiylə yol yeriyə-yeriyə gedib yayladakı tənha bir komaya çatdı; görücü qarı burda öz nəticəsiylə yaşayırdı, bu yaxınlarda ərini itirmiş nəticəsinin üç uşağı vardı, dördüncüsünü də bu gün-sabah doğasıydı: o, qarını qaranlıq bir otağın küncündə, qamakada uzanmış halda tapdı; qarını iflic vurmuşdu, gözləri, demək olar, görmürdü: lakin qarı ona deyəndə ki, əllərini suyla dolu ləyənin üzərinə tut, qaranlıq dağıldı, ləyəndəki su duruldu, saflaşdı, işıq saçıb parıldadı… bu işıq hardansa, suyun dərinliyindən gəlirdi… o. bu suda özünü, güzgüdəki kimi apaydın gördü… rütbə nişanları taxılmamış hərbi-səhra geyimində, uzunboğaz çəkmələrdə, sol dabanında qızıl mahmız, döşəmədə üzüqoylu uzandığı yerdə gördü… qarıdan soruşdu ki, bu harada baş verir, döşəmədə üzüqoylu uzandığı bu yer haradır və qarı, ləyəndəki suyun, işıq şölələrini izləyə-izləyə cavab verdi ki, bu, bu dəqiqə oturduqları otaqdan böyük olmayan bir otaqda baş verir və o, bu otağın içində yazı masasını, elektrik yelqovanını görür, dənizə açılan pəncərə görür, ağ divarları, hansısa atların şəklini və üzərində əjdaha təsvir olunan bayraq görür. Prezident dedi: «Aha!» O, bu təsvirlə, iclas salonunun qonşuluğunda yerləşən kabinetini tanımışdı… Odu ki: «Bəs mən necə öləcəyəm, öldürəcəklər, ya pis bir xəstəlikdən öləcəyəm?» - deyə soruşdu. Qarı cavab verdi ki, yox, onu nə öldürəcəklər, nə də o, pis xəstəlikdən öləcək, o öz əcəliylə öləcək və ölüm, onu yuxuda ikən yaxalayacaq… özü də o, əziyyətsiz-filansız, rahat öləcək. Prezident: «Aha!» - deyib gizli bir həyəcanla: «Bəs bu, nə vaxt baş verəcək?» - deyə soruşdu. Qarı cavab verdi ki, qorxmasın, onun yaşı qədər – yüz yeddi il yaşayacaq, bundan sonra daha yüz iyirmi beş il ömür sürəcək və yalnız o zaman, indicə suda gördüyü hadisə baş verəcək. O: «Aha.» - dedi və xəstə qarını, öz peşəkar cəllad məharətiylə – ona heç bir işgəncə vermədən, öz qızıl mahmızının bağıyla onu üsulluca boğub öldürdü; baxmayaraq ki, bu vaxtacan nə müharibədə, nə də dinc dövrlərdə o, bir kimsəni, yaxud heyvanı şəxsən özü öldürməmişdi, zavallı qarını özü öldürdü, bu, onun öldürdüyü yeganə canlıydı; onu da ona görə öldürdü ki, yer üzündə özündən savayı heç kəs onun harda və nə vaxt öləcəyini bilməsin. Bu əclaflığı uzun-uzadı payız gecələrində də onun ruhunu narahat eləmir, vicdanını zərrəcə də ağrıtmırdı.
Əksinə, o bu hadisəni özünə alqış və öyüd kimi xatırlamağı sevirdi – bax, bu cür zalım və qətiyyətli olmaq gərəkdir; Manuela Sançes, həmin o günəş tutulması hadisəsinin zülmətində qeyb olandan bəri o öz keçmiş əzmini və qətiyyətini dönə-dönə, təəssüflə xatırlayır, özünü, ondan iyrəndirməyə çalışırdı ki, xəcalət hissindən qurtulsun, özünü alçaldılmış duymasın, içini yandırıb-yaxan məsxərə neşətərini canından çıxarıb atsın; o, tamarinlərin altındakı qamakda uzanır, Manuela Sançes barədə, yarpaqların xışıltısını dinləyə-dinləyə, yuxusuna haram qatan bir nifrətlə düşünür, silahlı qüvvələr Manuela Sançesi quruda və dənizdə, şor çıxarılan ucsuz-bucaqsız ölü səhralarda axtarmaqda ikən, o, hey düşünür, arada bir hikkəylə öz-özünə: «Lənət şeytana, hara yoxa çıxmısan, haralara qaçıb gizlənmisən ki, ünüm sənə yetmir, səsim çatmır, səni heç cür ələ keçirə bilmirəm… ələ keçirə bilsəydim, onda bilərdin, hakimiyyət nə deməkdi!» - deyə deyinirdi. İndi o, hikkə və nifrətindən başqa heç nə duymurdu, sinəsinə qoyduğu şlyapası şiddətli ürək döyüntülərindən narın-narın titrəyir, anasının – ondan, nə baş verdiyini öyrənməyə çalışan Bendisyon Alvaradonun sualını sanki heç eşitmirdi… «Gün tutulmasından sonra niyə belə qanıqara gəzirsən, bir kəslə kəlmə də kəsmirsən? Niyə içini yeyirsən?» O, dinməzcə ayağa qalxır, anasını ürəyində söyə-söyə, fil ayaqlarını arxasınca sürütləyə-sürütləyə çıxıb gedir, gedə-gedə, acı heyrətlə, bir Allah bilir, kimdənsə əsəbi-əsəbi: «Yəni doğurdan bu, mənəm? Doğurdan, başım bu qədər xarab olub ki, neyləməyin, necə yaşamağın təhərini bilmirəm?.. Yəni doğurdan mən, daha öz taleyimin ağası deyiləm? Bəlkə hamısı ona görədi ki, o qızın evinə, bir zamanlar Santos-İqeronos de Fransisko Lineronun sərin və rahat evinə girdiyim kimi yox, qızın anasının icazəsiylə girirdim?» -deyə soruşurdu.
Fransisko Lineroyla bağlı əhvalat, hələ Patrisio Araqonesdən əvvəl, o öz mübarək çöhərsini xalqa, şəxsən özü göstərməyə məcbur olduğu vaxtlarda baş vermişdi.
«O, qapını döymədən, içəri girdi… ona görə girdi ki, könlü belə istəyirdi… saat on biri vuran zəngin sədaları altında içəri keçdi… mən, pationun üstündəki eyvandaydım, onun qızıl mahmızının, saatın zəngiylə həmahəng cingildədiyini eşidirdim; onun, pationun kərpic döşəməsində fil kimi tappıldatdığı addımlarının səsini eşidirdim, onu bu vaxtacan görməsəm də, vücudunu, boy-buxununu, əzəmətiylə bir təsəvvürümə gətirib o, hələ içəri eyvanın astanasında peyda olmamışdan dəhşətə gəldim; dan quşu qızılı ətirşahların arasında haray çəkir, o da saat on birin olmasından xəbər verir, qvineo bananlarının ətrindən məst olmuş sarıköynək cəh-cəh vurur, ağacın şirəli meyvələr dolu bir neçə budağı pationun çardağı altında yellənirdi; avqust ayının həmin o məşum çərşənbə axşamı günəşinin şəfəqləri yarpaqların, bal dadan sapsarı meyvələrin və bir gün əvvəl ərim Ponsio Dasanın sübh erkəndən gülləylə vurmuş və qanı axsın deyə, çardağın altından, qvineo salxımlarının böyründən asdığı cavan maralın cəmdəyi üzərində oynaşırdı… Budur o, içəri girdi, qara-qura yuxularda görə biləcəyindən daha qorxunc və zəhmli, tərdən islanmış xaki rəngli gödəkçədə, silahsız-qundaqsız içəri girdi… amma o, tək deyildi, yanında, əlini maçetenin qulpuna qoymuş qaraqabaq bir hindu daynmışdı. Mən onun, içi çıxılmazlıqlar dolu, qəddar gözlərini gördüm. O, öz incə, qadın əlini yuxuluymuş kimi, yavaş-yavaş qvineo budağına uzatdı, salxımlardan birini qoparıb acgöz-acgöz yedi, sonra birini də qoparıb yedi, sonra birini də, birini də, meyvələri ağzına basıb marçamarçla elə yeyirdi, elə bil bataqlıq lehməsi sümrülürdü…» O, həm salxımları, həm də gözləriylə Fransisko Lineronun gözəl bədənini yeyirdi… biçarə qadınsa, az qalırdı xəcalətdən əriyib yerə girsin… o çox cavan idi, təzəcə ərə getmişdi və bu cür baxışlardan sıxılırdı, amma onu da gözəl başa düşürdü ki, bu qorxunc adam bura, öz ehtirasını, şəhvətini söndürmək üçün gəlib və olacağa çarə yoxdu, çünki baş vermək üzrə olan vaqiənin qarşısını almağa yalnız bir adamın gücü çatardı – o da bu əjdahanın özünün.
«Mən, ərimin, dəhşətdən təngiyən nəfəsini eşidirdim… o mənim yanımda oturdu, biz əl-ələ verib, bir müddət daş kimi donub qaldıq, elə bil ürəklərimiz də bir-birinə qovuşdu, bir ürək kimi vurmağa başladı… heybətli qoca isə ikicə addımlıqda dayanmışdı, gözü doymadan, qvineo meyvələrindən basıb yeyir, çəyirdəkləri arxaya tullayır və gözlərini qırpmadan, mənə baxa-baxa ağacın bütün salxımlarının axırına çıxırdı… o, maral cəmdəyinin böyründən asılmış budağı tamam-kamal soub qurtardı, ayaqyalın hindusuna işarə verib, ərim Ponsio Dasaya: «Çıx çölə, dostumla bir az söhbət elə, səninlə bir məsələni yoluna qoymalıdı!» - dedi. Mən, qorxudan titrətsəm də, başa düşürdüm ki, həyatımı xilas etməyin bircə çarəsi var – bu da, mənimlə etmək istədiyinə imkan vermək, bütün hərəkətlərinə dözməkdi; odu ki, məni soyunduranda, özüm də ona kömək eləyirdim, yoxsa krujevaların içində azıb-qalırdı, nəyi nə cür açmağın təhərini bilmirdi… onun iyrənc iyindən, otağa dolan üfunətindən, az qala boğulurdum… axırda o, pəncəsinin bir zərbəsiylə paltarımı cırdı və məni vəhşi kimi sıxcalamağa, əlini hara gəldi atmağa başladı, mən isə qeyri-ixtiyarı düşünürdüm; «Pərvərdigara, bu gün səhərdən başım marala elə qarışıb ki, qıçlarımın arasını yumağa da macalım olmayıb, rüsvayçılıqdır!» Nəhayət, o öz istəyinə çatdı, ancaq bunu elə tələm-tələsik, elə naşıcasına elədi ki, elə bil əldən düşmüş qoca, yaxud indiyəcən qadın görməmiş burnufırtıqlı yeniyetməydi. Öz acizliyindən özü də əməlli başlı pərt olmuşdu, lap qurumsağa oxşayırdı… sıtqayıb ağlayır, sidik kimi isti göz yaşları axıdırdı… sifəti o qədər kədərli, gözləri o qədər qüssəliydi ki, üzündən də yetimsayağı bir kimsəsizlik, yazıq yalqızlıq yağırdı ki, ona ürəyim ağırıdı… ona da, elə dünyadakı bütün kişilərə də yazığım gəldi, barmaqlarımın ucuyla başını sığallamağa, ona təsəlli verməyə başladım: «Toxtayın, mənim generalım, bu cür dilxor olmağa dəyməzn. Həyat hələ irəlidədir!»
Həmin o dəqiqələr hindu, ərim Ponsio Dasanı bağın dərinliyinə aparıb, orda maçete ilə öldürdü, əks təqdirdə, general özü üçün barışmaz düşmən qazana bilərdi; hindu onu öldürüb, tikə-tikə doğradı, bu tikələri də donuzlar daşıyıb apardı, belə ki, zavallı Ponsionu dəfn etməzdən əvvəl meyitini bütövlükdə bir yerə yığmaq mümkün olmadı – bax, o belə bir adamdı».
Keçmiş günlərindən qalan bu sayaq xatirələri beynində dolaşıb, qanını bir az da qaraldır, acı düşüncələr ürəyini sıxır, onu hövsələdən çıxarırdı; o, düşünürdü ki, demə, hakimiyyətinin qatı cövhərində xeyli su qarışğı varmış, belə olmasaydı, o, adicə, miskin bir günəş tutulması kimi cadu-ovsunun qarşısında bu cür aciz qalmazdı. O, domino oyunu masası arxasında əziz dostu, soyuqqanlı və təmkinli general Rodriqo de Aqilarla üzbəüz oturanda yenə ürəyindən qara qanlar axdı, bu general, hərbçilərin içində inandığı, etibar elədiyi yeganə adam idi; qaraqabaq, ayaqyalın, mühafizəçi-mələyi podaqra xəstəliyinə tutulandan bəri o öz həyatını yalnız bu generala etibar eləyirdi; o, generala baxır və fikirləşirdi ki, bəlkə də bütün bu bədbəxtliklər onun, öz əziz dostuna həddən çox inandığına, ona hədsiz böyük səlahiyyətlər verdiyinə görə baş verir.
«Bu əziz və sevimli dostumun əlləşib-vuruşduğu məgər onun üçün deyildimi ki, məni əl quzusuna çevirsin, məgər o çalışmırdımı ki, məni kaudilyo nişanələrindən məhrum eləsin, bu fərqlənmə nişanlarını ülgücləsin, sivirib atsın, işləri də qəsdən elə qururdu ki, hamı məni əlil, şikəst hesab eləsin, elə çarəsiz şikəst ki, əmrlərini qulaqardına da vurmaq olar; bu «ekiz tayı» məsələsini də beynimə o salmışdı, məhz onun fırıldağıyla, mən başqa bir adamın kölgəsində gizlənməyə məcbur olmuşdum, iş o yerə gəlib çatmışdı ki, o məni, bir sürü keşikçinin əhatəsində belə xalq qarşısında görünməkdən çəkinməyə məcbur etmək istəyirdi, halbuki vaxtı ilə bircə hindu tək canıya: «Yol verin, qurumsaqlar, hökmdar gəlir!..» - bağıraraq, öz maçetesi ilə izdihamı yara-yara, mənə yol açırdı və heç bir pis hadisə baş vermirdi… baxmayaraq ki, o vaxtlar biz, hələ alqışların kükrədiyi bu insan meşəsində, kimin əsl vətənpərvər, kimin məkrli xain və quldur olduğunu müəyyən eləməyi bacarmırdıq və yalnız indi bilirik ki, «Yaşasın əsl kişi!.. Yaşasın general!» - deyərək, hamıdan bərk bağıranların çoxu satqın və əclafdır.
Bir hindu isə nəhəng izdihamın öhdəsindən asanlıqla, təkbaşına gəlirdi, bu əziz dostuma isə bütöv bir ordu da kifayət eləmir ki, tələb elədiyim qızı axtarıb tapsın. Belə məqamlar - o, qızın necə sürüşüb aradan çıxdığını, onun, qocalıq şəhvətinin seyrək hasarı arasından necə asanlıqla sivişdiyini düşünəndə, domino daşlarını qəzəblə yerə çırpır, oyunu, ən həlledici məqamında yarımçıq kəsir, dünyanın ən biədəb söyüşlərini söyə-söyə çıxıb gedirdi; bir dəfə oyunu beləcə yarımçıq saxlayanda o, qəfildən içində dərin sarsıntı və əzginlik duydu və fikirləşdi ki, bu dünyada hər şey gec-tez öz yerini tutur, bircə o heç cür təsəlli tapa bilmir; o, nəfəsinin dözülməz təngitmələrlə kəsildiyini, boğulduğunu hiss elədi, günün bu çağında, adətən istinin səngidiyi bir vaxtda köynəyinin, tərdən islandığına təəccübləndi, dənizdən buxarlanan buğun iyində leş qoxusunu duydu, nəmişin bürküsündən köpüşən şişi göynəyib tütək səsi çıxartdı… o, nə baş verdiyini anlaya bilmədi və özünə təsəlli verə-verə, öz-özünə: «Bürküdəndi…» - dedi.
Lakin bunu da nagüman halda, mümkün olmayan bir şey haqqında düşünən tək, düşündü… hansısa qeyri-müəyyən, məchul bir duyğu onu üzüb əldən salırdı; o, pəncərənin önündə dayanmışdı, çöldən görünən qəribə işığın nə olduğunu, nədən saçdığını anlamağa çalışırdı… şəhər sanki ölmüşdü, bir kimsə gözə dəymirdi, elə bil şəhərdə quzğunlardan savayı bir canlı qalmamışdı… lakin quzğunlar da, həmişə mürgülədikləri yoxsullar xəstəxanasının məhəccərlərini tərk etməkdəydilər; deyəsən, şəhərdə qalan yeganə adam, de Armas meydanında dayanan həmin o kor kişiydi… o, pəncərədən ona zillənən qocanın təşvişini sanki uzaqdan-uzağa duyaraq, çəliyini yuxarı qaldıraraq, ona həyəcanla tələsik işarələr verir, nə isə qışqırır, ancaq nə dediyini anlamaq olmurdu; o, bunu da, baş vermək üzrə olan hansısa növbəti bədliyin sirli əlaməti kimi yozdu, lakin yenə öz-özünə: «Bu, bürküdəndi…» - deyib uzandı və pəncərələri astaca döyəcləyə-döyəcləyə, adama yuxu gətirən yağışın zümzüməsi altında yuxuya getdi… lakin ayıq yatdı… yuxunun dumanlı süzgəci arasından nə isə şüuruna nüfuz eləməkdəydi… o, qorxu içində oynayıb: «Kim var burda?» - deyə bağırdı. Bu, onun öz ürəyinin döyüntüsüydü, canına vicvicə salan isə, günün bu çağında xoruzların nədənsə susması, banlamamasıydı… o susub sakitləşdi və hiss elədi necə əmin-amanlıq gəmisi aramla onu tərk edərək, məchul bir körfəzdə yoxa çıxır; dumana bürünmüş dəniz qəzəblə dalğalanır, kükrəyirdi… qurunun və dənizin bütün məxluqatı - ölümü duymaq qabiliyyətinə malik olan, kataklizmlərin yaxınlaşdığını, ən dərin insan elmindən daha tez görməyi bacaran bütün canlılar dəhşət içində donub qalmışdı… nəfəs almağa hava çatışmırdı, vaxt-zaman dayanmışdı və iş bu yerə çatanda o, ayağa qalxdı, ayağa qalxanda hiss etdi ki, ürəyi şişib və hər addımı atdıqca, bir az da şişir, qulaq pərdələri partlayıb cırılır, burnundan odlu mayeyə bənzər nə isə süzülür və o, qana bulaşmış kitelinə baxıb: «Bu, ölümdü…» - düşündü. lakin ona etiraz elədilər: «Heç cür yox, mənim generalım, bu siklondur, qasırğadır.» Bu, bir vaxtlar vahid Qəraib səltənətini ayrı-ayrı adalara parçalamış qasırğaların ən dağıdıcısı, ən dəhşətlisiydi… belə bir fəlakətin yaxınlaşdığını isə, bütün insanların içindən yalnız o, öz ibtidai instinktiylə - itlərin və toyuqların təşvişə düşməsindən xeyli qabaq hiss eləmişdi; qasırğa elə qəfil başlamışdı ki, qarma-qarışıqlığın içində ona ad tapmağa da macalları olmamışdı.
Başlarını itirmiş zabitlər qorxu içində: «Bu, hər şeyin sonudur, mənim generalım! Ölkə yerlə-yeksan olur!» - deyirdilər. Belə olanda, o, əmr verdi ki, bütün qapı və pəncərələri bərk-bərk bağlasınlar, keşikçilərə buyurdu ki, özlərini dəhlizlərdə oturduqları yerdə qayışla sarısınlar, göstəriş verdi ki, bütün inək və toyuqları birinci mərtəbədəki otaqlara salıb orda saxlasınlar, bütün əşyaları, olduğu yerlərinə mismarlasınlar və de Armas meydanından başlamış, ən ucqar guşəsinədək qorxu içində susmuş bu ələm səltənəti qasırğanın vahiməli çöhrəsi önündə lövbər salmış gəmiyə çevrildi; əmr verilmişdi ki, çaxnaşma əlaməti görünən kimi, atəş açılsın, əvvəlcə xəbərdarlıq üçün iki dəfə havaya, bu da kömək etməsə, çaxnaşma salanın özünə atəş açılsın; lakin siklonun qarşısında hər şey aciz idi; qasırğanın, quduzlaşmış həmlələrlə hərlənən pərləri bircə dəhşətli zərbəylə, baş darvazanın zireh poladını yardı, baş giriş yolunu dağıdıb inəkləri havaya sovurdu; o, bu zərbədən elə sarsılmışdı ki, nə baş verdiyini dərk eləmirdi… şırnaqları göydən yox, yerlə üfqi vəziyyətdə fışqıra-fışqıra gələn selin su şırımları nəriltiylə üstünə töküldü; balkonları, vulkan bombaları kimi partladaraq, uçurdu… fırtınanın, dənizin sualtı cəngəlliklərindən qaldırdığı əcaib canlılar havada qövs cızaraq şappıltıyla yerə dəydilər… lakin o, bu fəlakətin miqyası və nəticələri barədə düşünmürdü; qasırğanın xaosunda o, qəlbinin, kin və bədxahlıq ədvası dadan tamından həzz almağındaydı:«Haradasan, lənətə gəlmiş Manuela Sançes, şeytan qızı, harada gizlənmisən? Qisasımın qasırğasından harada nicat tapırsan?!» Qasırğa yatandan, sakit və mülayim havayla əvəz olunandan sonra isə, dövlət şurasının iclas salonundan, prezidentin, öz yaxın köməkçiləriylə oturduğu avarlı gəmicik çıxdı və şəhəri xarabalığa çevirən bulanıq, lehmə suyun üzüylə üzdü; karetlərin saxlandığı tikilinin yanından ötdü, palmaların ucları və de Armas meydanındakı fənər dirəklərinin işıqları arasından burula-burula getdi… burda, bu lal sularda, kilsə günbəzlərinin ətrfında bitmiş bu kiçicik göldə bizim generalın ağlına ildırım çaxıntısıyla ani bir fikir gəldi… qəfildən anladı ki, bu hakimiyyəti ilə o, heç vaxt ali qüdrətə sahib olmayacaq… çünki dünyada elə şeylər var ki, ona tabe deyil, onun gücündən xaricdədir, bu fikir ona möhkəm yer elədi və o, uzun müddət bu düşüncənin əsarətindən azad ola bilmədi… gəmicik isə öz işindəydi, kilsələrin künc-bucaqlarına dəyə-dəyə irəliləyirdi, gah zil qaranlıqda gözdən itir, gah əksi, pəncərə şüşələrinin şəbəkələrində gəzişir, gah da adda-budda görüntülərlə kilsənin zümrüd daşlarının, qızılı naxışlarının işartısında sezilirdi; diri-diri basdırılmış vitse-kralların, dərddən ölmüş arxiyepiskopların qəbir daşları sönük bir ilğımlarla işarır, Böyük Admiralın boş sərdabəsi - üzərində üç karavella həkk edilmiş sarkofaqının qraniti parıldayırdı… o, bu məqbərəni bu məqsədlə tikdirmişdi ki, arzu etdiyi təqdirdə Böyük Admiralın sür-sümüyü bizim ölkədə uyusun; mehrabın arxasında əmələ gəlmiş kanalla üzüb kilsənin iç həyətinə çıxdılar; bura, işıqlı akvarimua oxşayırdı, hörgülü dibində balıq sürüləri o baş-bu başa şütüyür, suyun içinə düşmüş günəbaxan zoğlarını yeyirdilər; avarlı gəmicik daha sonra zahidlərin ürəksıxan məskəninə - biskay rahiblərinin monastırına sarı yönəldi və gəmidə oturanlar, suyun altında qalmış boş hücrələri, hovuza çevrilmiş musiqi salonunun ortasında klavikordların səssizcə yırğalandığını, lal su qatının altında qalmış monastr yeməkxanasında isə onlar qızları - monastrın bütün rahiblərini gördülər… onların hər biri öz yerində, uzun masanın arxasında oturduqları yerdə boğulub ölmüşdü; gəmi, eyvanın girəcəyindən keçib monastrı tərk eləyəndə isə hamı heyrətlə baxıb gördü ki, şəhərin yerində, mavi səmanın altında nəhəng bir göl ləpələnir. «Olsun ki, qasırğa məni, «Manuela Sançes» adlı əzablardan qurtarmaq üçün qopmuşdu, lənət şeytana, bu Allah-təalanın necə də vəhşi üsulları varmış… Onunla müqayisədə biz quzuymuşuq!..»
O, şəhəri iəində dəfn eləmiş bulanıq gölə – üstü, ölü toyuqlarla örtülmüş ucsuz-bucaqsız sulara, üzərində yalnız kilsə künbəzinin, bir də mayak fənərinin göründüyü bulanıq sulara, bölgə vitse-krallarının daş saraylarının günəşli eyvanlarına məmnuniyyətlə tamaşa edirdi; bir vaxtlar qul alveri gedən liman ərazisində, qasırğadan xilas ola bilmiş bir ovuc adamın sığındığı adda-budda adacıqlar gözə dəyirdi; adamlar, böyürlərindən asta-asta üzüb ötən avarlı gəmiyə, onun, Sarqas dənizinin qırmızımtıl sıx yosunlarının arasıyla üzürmüş kimi, gölün üzünü başdan-başa örtmüş toyuq ölülərini yara-yara keçib getməsinə inanılmaz bir təəccüblə tamaşa edirdilər; lakin budur, adamlar, milli bayraq rəngində olan bu Nuh gəmisində oturmuş şəxsi axır ki, tanıdılar, onun kədərli gözlərini, qanı qaçmış dodaqlarını gördülər, göylərin təmizlənməsi, günəşin işıq saçması naminə dörd bir tərəfə xaç çəkən tanış əli gördülər. «Və o, suda batıb boğulmuş toyuqlara da nəfəs verdi, sulara, aşağı çökməyi buyurdu və sular çökdü!» Və kimsə, kilsə zənglərinin şadyanalıq dolu harayına, gurultulu bayram atəşfəşanlığına başlamaq və qasırğa əjdahasını qaçırmış insanı öz mahnılarıyla şərəfləndirmək üçün de Armas meydanına toplaşmış izdihamın hay-həşirinin sədaları altında, onun qoluna girib eyvana sarı apardı. «Axı bu dəqiqə xalq, hər şeydən əvvəl, məhz sizin mübarək sözünüzü, onlara ruh verəcək nitqinizi eşitmək istəyir!» O, dartınıb, müsahibinin əlindən qurtulmaq istədisə də, qurtula bilmədi və bircə andan sonra sarayın eyvanın dayandığını və minlərlə ağızdan yekdil sədayla göylərə ucalan bağırtıları eşitdi: «Yaşasın əsl kişi!» - və bu yekdil səda qasırğa kimi canına işlədi… bütün hakimiyyəti boyu bu şəhərin önündə, kütlə qarşısında niyəsə həmişə özünü köməksiz duymuşdu, indi də beynindən ildırım kimi bir qəddar fikir keçdiki, heç vaxt onun, adi xalq kütlələrindən ibarət olan bu dibsiz uçurumun qarşısında beləcə - bütün vücuduyla, qorxusuz-hürküsüz dayanmağa cəsarəti çatmayıb və bundan sonra da çatmayacaq…
Bizlər – aşağıda, de Armas meydanında dayananlar, həmişəki kimi, yenə nə isə ağlasığmayan, irreal bir mənzərənin şahidi olduq; biz, başı üzərində müqəddəslik oreolu hələ də işaran, ağ kətan libaslı qocanın sehrli simasını görə bildik; qoca, dayandığı eyvanın yüksəkliyindən bizə səssizcə xeyir-dua verib, dərhal da qeyb oldu; lakin bizlər üçün bu ani görüntü də kifayət idi; ən əsas o idi ki, o – orda öz yerindədir, gecə-gündüz yorulmadan keşiyimizi, qayğımızı çəkir, o həmişə bizimlədir; o isə, anası Bendisyon Alvarado, balqabaqdan düzəldilmiş nimçədə mais dənini arıtlayarkən, şəhərkənarı malikanəsinin patiosunda ucalan tarixi tamarinlərin kölgəsi altında, hörmə yelləncək-kresloda əyləşərək, əlində, limonad dolu stəkan, gözlərini yumub, nə haqdasa düşünə-düşünə, arıtlanıb təmizlənən mais toxumlarının xışıltısını dinləyirdi; qızmar ilğımın titrədiyi günortanın saat üç radələrində o, hələ də yelləncək-kreslosunda əyləşmişərək, istinin arasından anasını seyr etməyindəydi.
Bendisyon Alvarado isə yan-yörəsində hərlənən toyuqlardan, sayıqlığını itirənini cəld hərəkətlərlə qamarlayıb qoltuğuna sıxa-sıxa, bir qədər nəvazişlə quşun boynunu geriyə qarır, eyni zamanda oğlunu dilə tuturdu ki, bu gün saraya getməyə tələsməsin. «Bütün günü fikir eləyirsən, dilinə heç nə dəymir, axırda vərəm tutacaqsan!» Anası, qoltuğunda çabalayan toyuqla onu tamaha sala-sala yalvardı ki, axşama qədər qalsın, yaxşıca şam eləsin; o da axırda buna razı oldu: «Di bəsdi, ay arvad, yaxşı, qalıram.» -o, dedi və yelləncək-kreslosunda aramla yellənə-yellənə, qazanda qaynayan toyuğun incə ətrini ciyərlərinə çəkə-çəkə, talelərimizi düzüb qoşmağa başladı. Biz bilirdik ki, bu dünyada mövcudluğumuzun yeganə təminatçısı odur, o var, o, öz otağındadır, vəba da, qasırğa da, hətta zamanın özü də onun önündə acizdir, onun varlığı duyulmayan həyatı təsəvvürə gətirmək belə mümkün olan iş deyildi… o, bizim rifahımız, bizim saədətimiz naminə dərin qayğılara qərq olmuş Məsihdi; bilirdik ki, o, heç vaxt bizim ziyanımıza iş görməz, axı bizə nə lazım olduğunu da, dəqiqdən dəqiq o bilirdi və bildiyi üçün də, məhz elə buna görə, indiyəcən çərxi-fələyin gərdişlərinə davam gətirə bilmişdi; onun ölçü meyarı biz idik, bəli, bizə nəyin gərək olub-olmadığı məhz o bilirdi; nəyin sərfəli, nəyin sərəfsiz olduğunu bizim hamımızdan yaxşı bilirdi; ölkənin uzaq şərq sərhədinə – üzərində vətənin ərazi bütövlüyü uğrunda həlak olmuş sonuncu əsgərin adı, doğum və ölüm tarixi həkk edilmiş tarixi daşın olduğu yerə səfərdən sonra onun bu biliyi bir az da möhkəmlənmişdi… - «Ana, mən axır ki, gedib oralara çıxa bildim!» O, həmin yerə çatanda, dincini almaq üçün həmin o tarixi daşın üstündə oturdu və sərhədin o biri tayında, qonşu məmləkətin ərazisində yerləşən, başı üzərindən soyuq yağış əskik olmayan, hisli-paslı dumana bürünmüş ürəksıxan şəhəri seyr eləməyə başladı; o, soyuq şəhərə baxır və küçələrdə şütüyən tramvayları, tramvayların salonlarında zövqlə geyinmiş adamları, kiminsə təmtəraqlı dəfn mərasimini görürdü: katafalkın arxasınca, başı lələkli perşeronlar* qoşulmuş karet düzümü hərəkət edirdi, o baxır və kilsənin sütunlu eyvanında qəzetlərə bürünərək yatmış uşaqları görür və təəccüblənirdi: «Lənət şeytana, burda nə qəribə adamlar yaşayır?! Olmaya bunların hamısı şairdi?..» Lakin kimsə böyürdən: «Heç də yox, mənim generalım, bunlar şair-zad deyil, kübarlardır, bu ölkəni onlar idarə edir». – dedi. Həmin səfərdən o, əla əhval-ruhiyyədə qayıtmışdı, çünki özü üçün kəşf eləmişdi ki, dünyada heç bir yer, ona hədsiz həzz verən xarlamış quayyavo** meyvəsinin ətriylə, doğma şəhər-kəndlərin hay-küylü basabası ilə müqayisə edilə bilməz, bu dünyada heç nə, günəşin qürub çağında qəlblərə çökən sirli qüssə və xiffət duyğusunu əvəz edə bilməz və o, bir də bu yoxsul ölkənin hüdudlarından kənara qədəm basmayacaq, ona görə ki… düşmənlərinin dediyi kimi kreslosunu itirməkdən qorxur, - «Ona görə ki, ana, insan - öz meşəsində bitən ağacdı, ona görə ki, insan elə bir heyvandı ki, öz yuvasını yalnız bir halda – özünə yem tapmaq üçün tərk edir».
O, bu sözləri əslində, öz-özünə ölümqabağı - tövbə səmimiyyətiylə deyirdi, siyestanın mürgülü saatlarında isə bu barədə sadəcə düşünür, uzaq-uzaq illərin arxasında qalmış əski avqust gecəsini – hakimiyyətpərəstliyin də bir həddi olduğunu, öz ölkəsini idarə etməkdən o yana olan hansısa ayrı bir iddiası olmadığını etiraf eləməyə məcbur olduğu gecəni xatırlayırdı; bu, həmin o axşam - kabinetinin bürkülü alaqaranlığında qəbul etdiyi gənc əcnəbi ilə – coşqun azadlıq mübariziylə söhbəti zamanı ona məlum olmuşdu; bu, şöhrətpərəst niyyətlərlə yaşasa da, əbədi tənhalığa məhkum edilmiş utancaq bir oğlan idi… onun bu məhkumluğunu dərhal sezmək olurdu, çünki elə insanlar var ki, artıq doğulduğu günündən yalqızlıq damğasını daşıyır; gənc fədai qapının ağzında tərpənməz dayanmışdı, irəli keçməyə ürək eləmirdi, çünki gözləri hələ, günün bu qızmar çağında qlisiniyaların*** məxsusi, kəskin ətir saçdığı alaqaranlığa alışmamışdı, bir neçə dəqiqədən sonra o, nəhayət ki, kresloda əyləşmiş qocanı gördü – qocanın sol yumruğu masanın üstündəydi, prezident, bu sadə və solğun görkəmiylə, rəsmi təsvirlərindən yer-göy qədər fərqlənirdi; kabinetdə keşikçilər yox idi, qoca, silahsız idi, köynəyi tərdən islanmışdı, başının ağrısını ovutmaqdan ötrü gicgahlarına şalfet yarpağı yapışdırılmış adi bir bəndə idi… «Gəncliyimin qibləgahı, ən işıqlı ideallarımın canlı mücəssəməsi olan bir adamın, içinəcən pas atmış bu qoca olduğunu dərk etməkdə çətinlik çəkirdim!» Nəhayət, gənc mübariz masaya yaxınlaşdı, işgüzar adamın cingiltili və aydın səsiylə özünü təqdim etdi, qoca da öz növbəsində süst yepiskop əlini uzadıb onunla xoşyana görüşdü və həyəcanlı nitqlə, onun gözləri qarşısında bəşəriyyətin xöşbəxtliyinin sehrli mənzərələrini yaradaraq, bu amansız müharibədə, Alyaskadan tutmuş Pataqoniyaya qədər, bütün mühafizəkar rejimləri birdəfəlik devirmək üçün ondan siyasi kömək və silah istəyən gənc əcnəbini, getdikcə artan bir heyrətlə dinlədi: «Lənət şeytana, axı, sən nə üçün başını bu cəncəlli işə soxursan? Axı, nəyin naminə özünü qurban vermək istəyirsən?!» Bu suala gənc əcnəbi duruxmadan qətiyyətlə belə cavab verdi: «Vətənimin şərəfi naminə, zati-aliləri! Vətən naminə! Onun uğrunda ölmək - böyük səadətdi!» Onda o, gəncə, rəhm edərək, öz kədərli təbəssümüylə belə söylədi: «Sarsaqlama, bala, yer üzündə bir vətən var – həyat!» Və sol yumruğunu açıb ovcundakı şüşə kürəciyi ona göstərdi: «Bax, bunu görürsən? O ya var, ya yoxdu və bunun sahibi yalnız o şəxs ola bilər ki, bu əşya onda olsun, oğlan! Həyat və vətən məsələsi də belə bir şeydi!»
O bunu, qonağı kabinetdən çıxara-çıxara, əliylə onun kürəyinə astaca vura-vura söylədi və onu beləcə, heç bir şey - çürük qoz belə vəd eləmədən, kabinetindən yola saldı və gənc əcnəbinin arxasınca qapını örtən yavərinə:«Bu uşağa dəyməyin, aydındır? Onu heç izləməyin də… boş yerə vaxt itirmiş olarsınız. O, təhlükəli deyil, əlindən də heç nə gəlmir, boş-boşuna xoruzlanır, beçə kimi, lələklərinin dibi gicişir». Bir çox illərdən sonra, qasırğanın ötüşməsi münasibəti ilə siyasi dustaqlara amnistiya, sürgün olunanlara (beyni olanlardan savayı) - vətənə qayıtmaq icazəsi verilən zaman da o, bunabənzər fikir söyləmişdi: «Bu adamlara, heç vaxt vətənə qayıtmağa icazə vermərəm, cins xoruz tüklənəndə lələklərinin dibi gicişdiyi kimi bunlarda belə gicişirlər. Özləri də heç nəyə yaramırlar, nəyə yarasalar da, inandırıram sizi ki, siyasətçilərdən, keşişlərdən də iyrəncdilər. Qalanları isə qoy qayıtsın… hamı - dərisinin rəngindən asılı olmayaraq, ölkə quruculuğu, onları bir cərgədə birləşdirə bilər!» Hakimiyyət, əvvəlki kimi, tamam-kamal onun əlində idi - hərbi qüvvələr onu sözsüz dəstəkləyirdilər, ələlxüsus, o, ərzaq və dərman partiyalarını, həmçinin, sosial təminat fondundan daxil olan vəsaitləri – bir sözlə, təbii fəlakətdən zərərçəkənlərə yardım məqsədilə xaricdən göndərilən nə varsa, hamısını ali komandanlığın arasında bölüşdürdükdən sonra onun hər bir əmrinə müntəzir idi; nazirləri, onun bir sözünü iki eləmirdi, çünki ailələri ilə birlikdə, istirahət günlərini Qızıl Xaç cəmiyyətinin hərbi-səhra qospitallarının çimərliklərində keçirirdilər; deyək ki, xarici ticarət nazirliyi, xaricdən müftə alınmış qan plazması və tonlarla quru südü səhiyyə nazirliyinə satır, bu nazirlik də aldığını, yoxsullar üçün xəstəxanalarda xırıd eləyirdi; baş qərargahın zabitləri isə öz ehtiyaclarını, səfir Uorrenin, bizim ərazi sularımızda qeyri-məhdud balıqçılıq etmək hüququ əvəzinə, öz ixtiyarımıza verdiyi əlahiddə istiqraz vəsaitlərinin hesabına həyata keçirilən bərpa işləri üzrə proqram çərçivəsindəki ictimai tikintinin podratları hesabına təmin edirdilər. «Əşi, cəhənnəmə ki, qoy köpənəcən basıb yesinlər!» - deyə o, həmin gün yola saldığı və o gündən sonra heç kimin görmədiyi gənc xəyalpərvərlə söhbətini, ona, ovcundakı rəngli şüşə kürəciyi - kanikanı göstərməyini, ona, «bu kimdə varsa, o, onda var…» - deməsini xatırlayırdı. O, ölkədə gedən bərpa işlərindən ruhlanmışdı, bu məsələ ilə şəxsən özü məşğul olur, ən kiçik detalların belə mahiyyətinə varır, hakimiyyətinin ilk illərində olduğu kimi, hər şeyi təkbaşına özü həll edirdi: seldən sonra lehmə palçıqla örtülmüş şəhər küçələrində qəfildən bataqlıq çəkmələrində və şlyapada peyda olur, şəhərin, onun niyyətlərinə uyğun şəkildə bərpa edilməsini göz qoyurdu; istədiyi o idi ki, şəhər – suyun altında qalıb boğumuş bir yalqızın yuxuda görə biləcəyi şəkildə dirçəldilsin, o, zavallı yalqızın yuxusun gördüyü həmin şəhəri – millət atasının şöhrətini göylərə ucaldacaq əzəmətli, qənirsiz şəhəri, ovcunun içi kimi, apaydın təsəvvür edir, inşaatçılara öz göstərişlərini verirdi: «Bu qülləni iki metr də ucaldın ki, oradan okean gəmilərini görmək mümkün olsun…» - və dərhal qülləni iki metr ucaldırdılar; əmr edirdi: «Bu çayın axarını əks səmtə çevirin…» - bu buyruq da dərhal yerinə yetirildi; o artıq melanxoliya ilə qəm-qüssənin nə olduğunu unutmuşdu, başı tikintiyə elə qarışmışdı ki, bir an belə dincəlmək bilmirdi; dövlət işlərindən o qədər uzaqlaşmışdı ki, uşaqlarla bağlı problem barədə eşidəndə, elə bil başına qaynar su əndərdilər. «Bəs bu uşaqları neynəyək?» - huşsuzluğu üzündən ondan soruşan yavəri bu sualı verməyəydi kaş. Lakin sual verilmişdi və bu sualı eşidən generalın elə bil başına qaynar su əndərmişdilər, o, sanki indicə göydən düşübmüş kimi: «Lənət şeytana, nə uşaq, hansı uşaq?!» ¬- deyə soruşmuşdu Bu yerdə o, uzun müddət ondan gizlədilən bir şeyi eşidib öyrəndi. Demə, növbəti lotereya tirajı keçirilərkən, torbadan lotereya biletləri çıxaran uşaqlar ordu kazarmalarında həbsdə saxlanılırlar, çünki ehtimal olunur ki, uşaqlar dillərini dinc qoymaya və lotereya oyunlarının daimi qalibi olan prezidentin qələbəsinini sirrini açıb söyləyə bilərrlər. - «Valideynlər, uşaqlarının harda olmasını öyrənməyə çalışır, bizi günahlandırırlar ki, balalarını bağlıda saxlayarıq. Biz hər dəfə cavab veririk ki, bu böhtandır, müxalifətin murdar uydurmasıdır, ancaq valideynlər heç cür sakitləşmirlər. Hətta bir dəfə, qiyam qaldırıb kazarmaların birinə soxulmaq istədilər, iş o yerə gəlib çatdı ki, onları minomyot atəşiylə geri oturtmalı olduq. Qan su yerinə axırdı, mənim generalım, əsl gülləbaran idi, lakin biz belə xırda işlərə görə sizi narahat eləmək istəmirdik. Uşaqlar həqiqətən də qala zirzəmisində bağlıda saxlanılır. Əlbəttə ki, onlar üçün hər cür şərait yaradılıb, özlərini gümrah hiss edirlər, lakin məsələ burasındadır ki, artıq orda iki minə qədər uşaq yığılıb, indi bilmirik, bu məsələni nə cür həll eləyək ki, nə şiş yansın, nə kabab, mənim generalım!»
Uduzma olmayan lotereya oyunu üsulu qeyri-iradi bir fəhmlə - üzərində rəqəmlər qeyd edilmiş bilyard şarları şəklində tapılmışdı. İdeya, dahiyanə dərəcədə sadə idi, elə sadə idi ki, onun həyata keçirilməsini yubandırmaq olmazdı – odu ki, ümummilli lotereya günü elan edildi. Hələ gün günortaya çatmamış, qızmar istiyə baxmayaraq, bəxtini sınamağa can atan, lotereyanın nəcib təşkilatçısına alqış söyləyən çoxminlik izdiham, de Armas meydanına toplaşmışdı; musiqiçilər və kəndirbazlar axışıb gəlmişdilər, ticarət köşkləri təşkil edilmişdi, fritanqi – istiot və balqabaqla birgə qızardılmış pomidor satan alverçilər camaatın arasıyla o baş-bu başa vurnuxur, Nuh əyyamından qalma ruletka və bileti, oyunçunun əvəzinə hansısa qoturun biri çıxardığı lotereya kimi bəsit oyunları oynayırdılar – bütün bu anoxronik fırıldaqlar, yoxa çıxmış dünyadan qalan qəlpələri, nəhəng çərxi-fələyin tör-töküntüsü hesabına ondan növbəti ilğım payı qoparmaq cəhdi idi. Budur, günorta saat üçdə lotereyanın oynanıldığı taxta meydançaya, hələ yeddi yaşına çatmamış, oyunun ədalətli keçirilməsinə şübhə qalmasın deyə, tamaşaçıların özləri tərəfindən seçilmiş üç uşaq qalxdı, hər uşağın əlində, içində bilyard kürəcikləri olan torba və bu müxtəlif rəngli torbaların hər birində, xüsusi nəzarətçilərin təsdiq etdiyi, sıfırdan nömrələnmiş on bilyard kürəciyi vardı. Diqqət, xanımlar və cənablar! Hər uşaq, gözüyumulu vəziyyətdə torbadan bir ədəd kürəcik çıxaracaq. Uşaqlar ilk əvvəl əllərində tutduqları göy torbadan, sonra qırmızı torbadan, daha sonra sarı torbadan kürə çıxardılar. Üç uşaq bir-birinin ardınca əlini torbaya salıb, kürəcikləri bir-bir əlləşdirir və əlhavasına, nisbətən soyuq olanı çıxarırdılar… bu barədə onlara qabaqcadan göstəriş verilmişdi. Hər torbada bir kürəcik, qalanlarına nisbətən ona görə soyuq olurdu ki, onu bir neçə gün buzlu suda saxlayırdılar. Beləliklə, uşaqlardan hər biri öz torbasından bir kürəcik çıxarıb camaata göstərir, kürəciyin üstündəki rəqəmi elan edir və elan edilmiş üç nömrə xoş təsadüf üzündən prezidentin biletində göstərilmiş rəqəmlərə tam uyğun gəlirdi. «Bizim də heç ağlımıza gəlmirdi ki, axı, uşaqlar bunu başqalarına danışa bilərlər?!.» Belə bir təhlükənin olduğunu anlayandan sonra onları qapalı yerdə saxlamaqdan savayı əlacımız qalmadı. Əvvəlcə üçünü, sonra dördünü, sonra beşini; sonra uşaqların sayı artıb iyirmi oldu və beləcə, çoxala-çoxala getdi, mənim generalım!» O, kələfin ucundan tutmuşdu, odu ki, yavərini, hər şeyi olduğu kimi açıb söyləməyə məcbur elədi və belə məlum oldu ki, lotereya fırıldağında ordu və donanma zabitlərinin hamısının əli var, öyrəndi ki, uşaqların ilk beş-on nəfəri ata-analarının razılığıyla meydançaya qalxırmışmışlar və uşaqlara, məhz hansı kürəciyin çıxarılması lazım olduğunu həmin bu valideynlər, lotereya oyununun gedişatına «züy tuta-tuta» öyrədibmişlər. Lakin sonrakı oyunlarda, kyrəcikləri çıxaran uşaqları bu fırıldağa, zor və hədə gücünə məcbur edibmişlər. Burada artıq valideynlərin razılığı tələb olunmurdu, çünki belə şaiyə gəzirdi ki, meydançaya bircə dəfə çıxan uşaqlar bir daha öz ailələrinə qayıtmır, izsiz-soraqsız yoxa çıxırlar. Növbəti lotereya oyununun keçirilməsi üçün tələb olunan uşaqları tapmaq məqsədilə xüsusi hücum dəstələri təşkil edilərək, gecələrlə evlərə soxulmağa, valideynlər isə uşaqlarını, bildikləri, bacardıqları kimi gizləməyə çalışırdılar. Xüsusi təyinatlı qoşunlar, de Armas meydanını, ona təqdim edildiyi kimi, heç də ictimai emosiyaları tənzimləməkdən ötrü yox, heyvan sürüsü kimi qabağa təpilən insan kütlələrinin qabağını saxlamaq üçün mühasirəyə almışdı. Dövlət məmurları, yaranmış bu münaqişədə vasitəçilik etmək məqsədilə prezidentin qəbuluna düşmək istəyən diplomatları, ən müxtəlif, özü də sarsaq bəhanələrlə tovlayırlar. Onun, qəribədən də qəribə xəstəlikləri barədə köhnə nağıllar isə, yenidən işə salınır. Məmurların bir hissəsi deyir ki, bəs prezidenti yuxusuzluq əldən salıb, çünki biçarə, yalnız ayaq üstə yata bilir, çünki onun fəqərə sütununda, iquana kərtənkələsinin bel sümüyü kimi diş-diş sümük daraq əmələ gəlib, o biri hissəsi bundan da sarsaq bəhanə gətirirdi: prezident sizi ona görə qəbul edə bilməz ki, qarnından əziyyət çəkir, çünki zati-ailələrinin içində qurbağalar əmələ gəlib. Onlar, ona, uşaqları azad etmək barədə vurulan etiraz teleqramlarının, xahişlərin bircəciyini belə göstərmirdilər, halbuki belə teleqram və xahişlər dünyanın hər yerindən axıb gəlirdi. Hətta Roma papasından gələn teleqramı da ondan gizlətmişdilər, bu teleqramda Roma papası günahsız körpələrin acı taleyi ilə bağlı öz apostol kədərini bildirirdi. Həbsxanalar, qiyama qalxmış valideynlərlə ağzınacan dolu idi, növbəti lotereya oyununu keçirmək üçün bircə uşaq da tapmaq mümkün deyildi. – «Lənət şeytana, biz çox pis ilişmişik, mənim generalım!» Lakin o, ayaqları altında açılan uçurumun bütün dərinliyini, qəsrin içəri həyətindəki sallaqxanada sürü kimi bir yerə toplaşmış zavallı uşaqları görəndən sonra hiss elədi, yüzlərlə uşağın, həmin o dəhşətli gecədən sonra zirzəmidən çıxıb, neçə ayın qaranlıq zülmətinə öyrəşmiş gözləri günəş işığından tutula-tutula, sərsəm çəpişlər tək, hara gəldi, qaçışdığını görəndə anladı. Onlar işıqda azmışdılar, sayca çox olsalar da, həm də elə bir vəhdət təşkil edirdilər ki, o, bu uşaqların hər birini ayrı-ayrılıqda yox, iki minə qədər müxtəlif uşaq kimi yox, min sifətli, nəhəng heyvan kimi gördü… onlardan, yanıq yun və nəcis iyi gəlirdi, onlar, yeraltı sular kimi uğuldayırdı. Bu heyvanı, dərhal məhv edilməkdən, məhz onun min sifətli olması qorudu, çünki bu saysız-hesabsız həyatların hamısını, yer üzünü lərzəyə salmadan qırmaq mümkün olan məsələ deyildi. - «Heç nə eləmək mümkün deyil, lənət şeytana!» Lakin nə isə eləmək lazım idi və o, ali komandalığın üzvlərinin hamısını yanına çağırtdırdı, onlar, onun qarşısında dayandılar – zahirən cəsur və zəhmli on dörd nəfər hərbi komandan və sərkərdə dəhşətli qorxu içində olsalar da, cəsur və zəhmli görünməkdən savayı əllərindən ayrı bir iş gəlmədi. O, hərbiçilərin hər birinin gözünün içinə zilləndi və gördü ki, onlar əlbir, o isə təkdir. Bunu görəndən sonra başını dik tutub qətiyyətli səslə onları, hərbi qüvvələrin namuslu adı və şərəfi şübhə altına alındığı bir zamanda hədsiz zəruri olan birliyə çağırdı. O, qətiyyətlə bildirdi ki, öz sərkərdələrinin təqsirsiz olduğuna zərrə qədər şübhə etmir və yumruqlarını sıxaraq, masanın üstünə qoydu, bununla da nagümanlığını, bütün vücudunu sarmış titrəməni gizləyə bildi. O, hərbçilərə, öz postlarında qalmalarını, vəzifə borclarını, həmişəki səy və qeyrətlə yerinə yetirmələrini, öz nüfuzlarını itirməkdən qorxmamalarını əmr etdi: «hesab edin ki, heç nə olmayıb, senyorlar, iclas bağlı elan olunur, hər şeyə görə mən cavabdehəm!» Bundan sonra uşaqları qaladan çıxarıb furqonlara yüklədilər və gecənin zülmət qaranlığında, ölkənin ucqar, kimsəsiz bir əyalətinə göndərdilər… ertəsi gün isə o, təntənəli sürətdə rəsmi bəyanat verərək bildirildi ki, guya ordu tərəfindən bağlıda saxlanılan uşaqlar barədəki bütün söhbətlər həyasız bir yalandır, hökumət heç kəsi – nə uşaqları, nə də, hər kim olur-olsun, həbsdə saxlamır, ümumiyyətlə, ölkədə bir nəfər belə olsun, məhbus yoxdur, dustaqxanalar bomboşdur, kütləvi həbslər barədəki söz-söhbət isə, xalqın vətənpərvərlik ruhunu sasıtmaq istəyən mürtədlərin iyrənc uydurmalarıdır - ölkəmizin qapıları həqiqəti öyrənmək istəyənlərin hamısının üzünə açıqdır, buyurub gələ bilərlər! Bu çağırışa cavab olaraq, ölkəyə Millətlər Birliyinin komissiyası təşrif buyurdu və burnunu soxmadığı deşik qoymadan, hər yeri ələk-vələk elədi, dindirmək istədiyini dindirdi, hər şeyi bütün təfsilatı və təfərrüatıyla saf-çürük elədi, axtarışlar apradı, hətta Bendisyon Alvaradonu da sorğu-suala çəkdi, arvad sonralar çox təəccüblənirdi: «Caducərlərə oxşayan o qanmazlar kim idi?.. Evə soxulub, iki min uşağı çarpayıların altında, sap qutusunda, az qala fırça qablarında axtarmağa başladılar!» Axırda komissiya əmin oldu ki, həqiqətən də məmləkətdə dustaqxanalar bağlıdır, hər yerdə qayda-qanun hökm sürür, bilərəkdən, ya bilməyərəkdən, qəsdli, ya qəsdsiz şəkildə insan hüquqlarının və humanizm prinsiplərinin pozulmasına, yaxud nə vaxtsa pozulduğuna dair heç bir dəlil-sübut yoxdur. «Rahat yatın, general! Sağlıqla qalın!» O, pəncərənin qabağında dayanmışdı, komissiyanı geriyə aparan gəminin, körpüdən aralanmağına tamaşa edirdi, onlara işləməli yaylığını yelləyə-yelləyə ürəyində: «Əlvida, əziz kütbeyinlər, sizə sakit dəniz və uğurlu yol, xoş getdiniz!» - deyirdi. Sonra köks dolusu nəfəs dərdi: «Vəssalam, bu həngamə də belə bitdi!» Lakin general Rodriqo de Aqilar bilirdi ki, həngamə hələ bitməyib: «Uşaqlar ki, qalıb, mənim generalım!» O, əliylə alnını şappıldatdı: «Lənət şeytana, uşaqlar tamam yadımdan çıxmışdı. Doğrudan da, indi bu uşaqları neyləyək?..» Bu cansıxıcı vəziyyətdən, müvəqqəti də olsa, qurtulmaq üçün göstəriş verdi ki, uşaqları, gizlədikləri meşədən çıxarıb, daim yağışlar yağan, küləksiz vilayətlərə göndərsinlər, çünki külək əsməsi xatalı məsələdi, uşaq səslərini kimlərinsə qulağına çatdıra bilər, əmr elədi ki, uşaqları elə bir yerə göndərsinlər ki, orada heyvanlar, əbədi nəmişlikdən diri-diri çürüyür, hətta sözlər də, nəmişlikdən kif atır… ağacların arasıyla isə, sürüşkən dərili, selikli osminoqlar sürünür; əmr elədi ki, uşaqları, And dağlarının o biri tayına – içində daim dumanlar sürünən oyuq mağaralara aparsınlar, elə bir yerə ki, heç kəs onları tapa bilməsin, o yerdə olduqları bir kimsənin ağlına belə gəlməsin, əmr elədi ki, uşaqların yerini tez-tez dəyişdirsinlər – aranın çürük noyabrından, dağətəyinin qızmar fevralına daşısınlar və əksinə; uşaqların, qızdırmadan titrətdiklərini eşidəndə isə, onlara kinə dərmanı və isti odeyal göndərdi… uşaqlar qızdırma xəstəliyinə, Qızıl Xaç Cəmiyyətinin müşahidəçi təyyarələrindən gizlənib, bir neçə gün çəltik tarlasında, boğazlarınacan suyun içində dayanan vaxt tutulmuşdular; uşaqlar, skarlatina xəstəliyindən əziyyət çəkəndə əmr elədi ki, günəşin gözqamaşdıran şüaları uşaqların gözlərini ağrıtmasın deyə, şüaların və ulduzların parıltısını saxta qırmızı işıqla kölgələndirsinlər; çinarlığın gənələri onları yeməsin deyə, əmr elədi ki, havanı həşarat dərmanıyla tozlandırsınlar; uşaqların başına vertalyotdan konfet yağışı, yağlı dondurma uçqunu yağır, yeni il hədiyyələri göydən paraşütlə atılırdı… o, bütün bunları onun üçün eləyirdi ki, uşaqların taleyinə dair qəti qərarı qəbul eləyənəcən, onlar yaxşı yaşasınlar, keflərini pozmasınlar. Bu sayaq xeyirxah işləriylə o, tədricən özü özünü sakitləşdirirdi və qərəzli: «Bəs bu uşaqları neynəyək?» - sualı da daha onu incitmirdi; bir qədərdən sonra o, ümumiyyətlə uşaqlrı unutdu, hüznlü yuxusuz gecələr, bir-birinə bənzər yeknəsəq gündüzlər bataqlığına gömüldü – daha heç bir şey onu narahat eləmirdi… və onun bu halı, axşamların birinə qədər davam etdi. Çərşənbə gününün axşamı idi. Saat doqquzu vurdu və o, zamanın metal cingiltisini eşidib ayağa qalxdı, saray pəncərələrinin məhəccərlərində mürgüləyən toyuqları qovdu, qabağına qatıb hinə saldı, toyuqlar yerlərini tutandan sonra, adəti üzrə onları saymağa başladı; bu vaxt içəri, növbətçi quşabaxan - mulat qadın girib, gün ərzində yumurtlanan yumurtaları yığmağa başladı; bu dəmdə o, xərclənməmiş illərinin qaynar istisini hiss etdi, qadının döşlüyünün xışıltısı onu cuşa gətirdi və o, qadına yaxınlaşdı. Qadın bütün bədəniylə titrəyərək: «Ehtiyatlı olun, general, yumurtaları sındırarsınız…» - dedi. O isə: «Cəhənəmə ki… - deyib kəl kimi fısıldadı - qoy sınsın…» və ruhunu saran anlaşılmaz duyğudan qurtulmaq naminə – yatmış toyuqların yaşıl zilinə bulaşmış bu mübarək çərşənbə günündə nəyinsə baş verəcyi fikrindən xilas olmaq ümidiylə, pəncəsinin bir zərbəsiylə qadını yıxıb yerə sərdi, ayağı sürüşdü, başı gicəlləndi və o, təsəvvürlər uçurumunun dibinə – ani xilasın ilğımvari dərinliyinə, adamboğan tər dalğalarının, güclü qadın nəfəsinin təlatümlü dənizinə, ona hər şeyi unutdurmağı vəd edən boşluğa uçdu… - o, arxada, axar ulduzun qövsvari izini andıran bir iz sala-sala, cingiltili, qızıl mahmızının işıqlı izini qarlığa yaya-yaya, qaranlığı üfunətli fısıltılarıyla doldura-doldura, it kimi zingildəyə-zingildəyə uçur, həyat adlanan dəhşətin həzzini duya-duya, gözqamaşdıran ölüm od-alovunun, lal şimşəklərin içindən ötüşə-ötüşə uçurdu… lakin uçurumun dibində, dəryanın qurtaracağında onu yenə həmin bu toyuq hin, yaşıl toyuq zili, toyuqların yuxusuz mürgüsü, donu, sınmış yumurtaların sarısına bulaşmış, titrək bədənli mulat qadın gözləyirdi… - «Görürsüz, dedim axı sizə, general! Bütün yumurtaları sındırdınız!» O isə, doymuş məmnun heysizliklə, növbəti sevgisiz eyş-işrətdən püskürən acı qəzəbini içində zorla boğa-boğa ona:«Say və qeyd elə neçəsi sınıb, pulunu maaşından çıxacağam…» - dedi və getdi. Saat onu göstərirdi. O, fermaya daxil olub, bütün inəklərin damaqlarını bir-bir yoxladı. Girov qadınlar yaşayan tikilinin yanından ötəndə, pəncərədən içəri boylandı və döşəməyə uzanmış zahı qadını gördü – mamaça, bir az əvvəl doğulmuş çağanı qucağında tutmuşdu, ona: «Oğlan oldu, mənim generalım! Adını nə qoyaq?!» - deyirdi. «Nə istəyirsiz qoyun.» - o cavab verdi. Saat on biri göstərirdi. O, adəti üzrə, qarovulu saydı, qıfılları yoxladı, quş qəfəslərinin üstünə örtük çəkdi, bütün otaqların işıqlarını söndürdü. Gecə, yarıya yaxınlaşırdı… ölkədə sakitlik idi, dünya yatırdı… o, öz yataq otağına gecənin bu zülmət qaranlığında yollandı, dəhlizi, mayakın ani parıltıyla hərlənib yoxa çıxan işığı altında ötdü, yataq otağına çatıb lampanı qapının yanındakı asılqandan asdı… qəfildən qaçıb aradan çıxmaq lazım gəlsəydi, bu lampa ona gərək olacaqdı… - qapını arxasınca bağlayıb, üç qıfılı, üç cəftəni vurub, üç zənciri çəkdi və yığcam unitazında oturub, zalım körpəsini - heybətli şişini nazlamağa, giziltisini ovutmağa başladı, şıltaq körpəsi ovucunun içində kiriyib yatanacan, ağrısı səngiyənəcən oturduğu vəziyyətdə qaldı. Lakin ağrının səngiməyi ilə yenidən baş qaldırmabı bir oldu.
Qəfil qorxu onu ildırım kimi vurdu – açıq pəncərədən içəri külək doldu, uzaq şor səhrasından əsən külək, yataq otağını, qum dənəciklərinə bənzər, saysız-hesabsız uşaq səsləriylə doldurdu. Ölüm çöhrəli səhrada dolaşan kimsəsiz uşaqların qəlbindən qopan mahnı müharibəyə getmiş cəngavər barədə idi… «Hardadı cəngavər? Hardadı igid? Bu nə dərddər, bu nə kədər… Qülləyə qalx, onun gəlişinə tamaşa elə, onda görəcəksən ki, məxmər üzlü tabutda qayıdıb o! Ah bu nə bədbəxtlik!» Uzaqdan eşidilən bu səslər xorunu, ulduz sayrışması da zənn etmək və özünü, bu səslərin, ulduz şərqisi olduğuna inandırıb rahatca yuxuya getmək olardı, lakin o, qəzəb içində ayağa sıçrayıb, var gücüylə: «Yetər daha, lənət şeytana! Ya onlar, ya mən!» - deyə bağırdı. Sözsüz ki, o özünü seçdi. Hələ səhərin gözü açılmamış əmr verdi ki, uşaqları, sement yüklənmiş barjaya doldurub, mahnı oxuda-oxuda, ərazi sularımızdan kənarlara aparsınlar; orda barja dinamitlə partladıldı və uşaqlar, nə baş verdiyini anlamağa macal tapmamış, daş kimi suyun dibinə getdilər. Üç zabit onun hüzuruna gəlib, əmrinin yerinə yetirildiyini bildirəndə, o ilk növbədə zabitlərin hər birinin rütbəsini iki dərəcə qaldıtdırdı və vətənə sədaqətli xidmətlərinə görə medalla təltif etdi, sonra da əmr verdi ki, onları cinayətkar kimi güllələsinlər… - «Çünki elə əmrlər var ki, verilə bilər, ancaq yerinə yetirilə bilməz, çünki bu əmrlərin yerinə yetirilməsi cinayətdir, lənət şeytana, zavallı cocuqlar!» Bu sayaq ağır sınaqlar onu bir daha əmin edirdi ki, ən təhlükəli düşmən - rejimin öz daxilindədir, yəni etimad qazanaraq, dövlət başçısının ürəyinə soxulmuş şəxsdir; bir daha əmin olurdu ki, ilk baxışda ona ən sadiq görünən, vaxtı ilə vəzifə pillələri ilə yüksəltidiyi və bu səbəbdən, dayağı bildiyi adamlar, gec-tez onları yedizdirən əli kəsib atmağa çalışırlar – o, belələrini pəncəsinin bircə zərbəsiylə yıxır, onların yerinə, yoxluqdan, ayrılarını tapıb çıxarır, onları yüksək vəzifələrə təyin edir, fəhmi və barmağının bircə işarəsi ilə onlara müxtəlif rütbələr verirdi: «Sən – kapitansan, sən – polkovnik, sən – general, qalanları isə leytenant! Daha nə istəyirsiz?!» Sonra vaxt ötdükcə, bu adamların tədricən qarın bağlamağına, enlənib-şişib az qala tikişləri cırılan mundirlərinə sığmamağına tamaşa eləyə-eləyə, ona sədaqətlə xidmət etdiklərini dəyərləndirərək, onları gözdən itirirdi və yalnız iki min uşaqla bağlı bu gözlənilməz hadisədən sonra o anladı ki, onu, bir nəfər yox, hərbi qüvvələrin bütün komandanlığı aldadıb. - «Bircə onu bilirlər ki, süd xərclərinin artırılmasını tələb eləsinlər, iş çətinə düşəndə isə, indicə xörək yedikləri nimçəyə batırmağa hazırdılar, halbuki, onların hamısını mən, Adəm Həvvanı yaratdığı kimi, öz qabırğamdan yaratmışam!» Bu, həqiqətən də belə idi, ancaq nolsun, o, bir an belə dinclik bilmir, onların naz-qozuyla oynamalı, iddia və təkəbbürləriylə hesablaşmalı olurdu. Ən təhlükəlilərini isə yanında saxlayırdı ki, onlara göz qoymaq asan olsun, digərlərini sərhəd qarnizonlarında xidmətə göndərirdi, lakin bu tədbirlər də onu, şübhələrdən xilas edə bilmirdi. Vaxtı ilə o, qrinqoların dəniz piyadasının ölkəyə desant çıxarmasına, səfir Tomposunun rəsmi məlumatında deyildiyi kimi, heç də sarı qızdırmaya qarşı birgə mübarizə aparmaq üçün yox, yaxud siyasi mühacirlərin iddia etdiyi kimi, xalqın qəzəbindən qorxduğuna görə yox, məhz onların, öz zabitlərinin xatirinə icazə vermişdi. - «Mən istəyirdim ki, onlar bizim zabitləri adam eləsinlər, onlara namuslu olmağı öyrətsinlər, ana! Onlar da öyrədirdilər, bizim zabitlərə, ayaqqabını necə geyməyi, prezervativ və tualet kağızından istifadə etməyin qaydalarını öyrədirdilər, bütün öyrətdikləri də bundan ibarət idi. Hərbçilərin müxtəlif yönlü dəstələri arasında ixtilaf, ya münaqişə düşsə, başları bir-birinə qarışar, məndən uzaq olarlar, mənim üçün milli təhlükəsizlik idarəsi, baş istintaq agentliyi, ictimai asayiş üzrə milli departament və sair bu sayaq, bir-birindən mənasız və lazımsız o qədər təşkilat və idarə uydurub yaratdılar ki, indi çoxunun adı yadımda deyil!» Əslində, bunlar, milli təhlükəsizlik xidmətinin müxtəlif adları idi, lakin ona, mənzərəni bu cür təsvir etmək sərfəliydi, guya bunlar, müxtəlif təşkilatlar, müxtəlif xidmətlər idi. Bu ona, çətin vaxtlarda manevrlər etmək imkanı yaradırdı.
Məsələn, o, milli təhlükəsizlik orqanının əməkdaşlarına təlqin edirdi ki, onlar, baş istintaq agentliyi tərəfindən izlənilir, əslində isə, bu təşkilatların hər ikisi ictimai asayiş agentliyinin müşahidə obyektləriydi. O, zabitləri bir-biriylə toqquşdurur, etibarsız sayılan hərbi hissələrin barıtına dəniz qumu qatılması əmrini verir, birinə bir şey, o birinə tamam başqa bir şey deyir, hamını elə dolaşdırırdı ki, artıq heç kəs onun əsl niyyətindən baş aça bilmiridi. Bununla belə, onlar qiyama qalxdılar: «N» kazarması qiyam edib, mənim generalım!» Onda o, kazarmaya cumub, ağzı köpüklənə-köpüklənə:«Çəkilin yoldan, qurumsaqlar, burda hökmdar - mənəm, hakimiyyət də mənimdir!» - deyə bağırırdı. O, ayaq saxlamadan, özlərini itirmiş, beşcə dəqiqə əvvəl onun portretlərini hədəf seçərək, güllə ata-ata məşq edən zabitlərin yanından saymazyana ötüb keçir və gedə-gedə: «Tərk-silah olsunlar!» - deyə əmr verirdi. Onun hökm dolu səsində isə, öz gücünə o qədər böyük inam vardı ki, zabitlərin özləri silahlarını yerə atırdılar. O: «Mundirləri çıxarın! - deyə əmr edirdi. – «Bu paltarı yalnız kişilər geyə bilər!» Və zabitlər dərhal mundirlərini soyunurdular. - «San-Xeronimo bazası qiyama qalxıb, mənim generalım!» Və o, bazanın ərazisinə baş darvazadan daxil oldu, iri, xəstə ayaqlarını ardınca qocafəndi sürüyə-sürüyə, qiyama qalxmış, lakin onu görcək, quzu kimi sıraya düzülmüş qvardiyaçıların cərgələri arasından keçərək, qiyam qərargahının ortasında tək və silahsız halda peyda oldu amiranə səslə: «Üzü üstə döşəməyə, düdəmələr! Döşəməyə!.. Dədələrindən bixəbər köpəy uşaqları!» Və Baş Qərargahın on doqquz zabiti, müti halda ağzı üstə yerə döşəndi… bir müddətdən sonra onları dənizkənarı kəndlər boyu gəzdirir və torpaq yeməyə məcbur edirdilər ki, qoy hamı görsün ki, mundiri çıxarılmış zabit, qoyun qədərində də deyil. «İt uşaqları! – əsgərlərin arı pətəyi kimi qaynaşdığı kazarmalarda qışqırışırdılar, hamı, prezidentin tələb elədiyi kimi, qiyamın təşəbbüskarlarının güllələnməsini, bundan sonra meyitləri od ələyən günün altında ayaqlarından asılmalarını tələb edirdilər ki, qoy hamı görsün, Allaha tüpürənlərin aqibətini öz gözləriylə görsün. «Bax belə, quldurlar!» Tələb yerinə yetirildi, lakin bütün bu qanlı cəza tədbirləri ona dinclik gətirmədi. Guya kökündən kəsdiyi yoluxucu xəstəliklər yenidən yayılmağa başlayır, qorxunc sui-qəsdlər yırtıcısı caynaqlarını yenidən buraxır, hakimiyyət dəhlizlərinin damı altında özünə yuva qura-qura, ən qətiyyətli zabitlərin imtiyazlı kölgəsi altında güc yığırdı. O, əqidəsinə zidd gedərək, səlahiyyətlərinin artıq-urtuğunu onlarla bölüşməyə, bu adamlara etibar eləməyə məcbur idi. Çünki onlarsız keçinə bilməzdi, lakin məsələ burasındaydı ki, onlarla birgə yaşamaq, onlarla bir havayla nəfəs almaq da mümkün deyildi, lakin əbədi yaşamağa məhkum edildiyindən, buna məcbur idi. «Lənət şeytana, bu ki, ədalətsizlikdi?!..» Əziz dostu, general Rodriqo de Aqiların niyyətləri ilə əlaqədar qorxunc şübhələr içində yaşamaq qeyri-mümkün idi, bu adamın namusuna və sədaqətinə şübhə eləmək, sözün əsl mənasında, işgəncəydi, lakin… «O mənim kabinetimə girəndə, sifəti meyit rəngindəydi… soruşdu ki, həmin o iki min uşağın aqibəti necə oldu. Doğurdanmı, bütün dünyanın bildirdiyi kimi, biz uşaqları dənizdə boğmuşuq?» O, səsi belə titrəmədən, general Rodriqo de Aqilara bilirdi ki, bu, yalnız şaiyədir, xainlərin uydurmasıdır. «Mən hər gecə onların hardasa mahnı oxuduğunu eşidirəm!» - o, deyib, əliylə hansısa qeyri-müəyyən istiqaməti göstərdi.
Ertəsi gün, səfir Evansı da, uşaqlar barədə gəzən bütün bu söz-söhbətin, böhtandan savayı ayrı bir şey olmadığına inandıra bildi: «Başa düşmürəm, siz hansı uşaqları deyirsiz? Axı, sizin ölkənizin Millətlər Birliyindəki nümayəndələri özləri dünya ictimaiyyəti qarşısında rəsmi şəkildə bildirdilər ki, uşaqlar sağ-salamatdırlar və məktəbə gedirlər. Sizə bundan artıq daha nə lazımdı?.. Vəssalam, həngamə bununla da bitdi!» Ancaq həngamə hələ bitməmişdi. Günlərin bir günü, gecənin bir yarısı onu yuxudan oyatdılar: «İki, ən böyük qarnizon qiyama qalxıb, mənim generalım! Bundan savayı Konde kazarmaları da üsyan edib, bu kazarmalar isə burdan cəmi bir məhəllə aralıdadır! Üsyana general Bonivento Barbosa başçılıq edir. Görürsüz, necə qudurub?! Onun ixtiyarında, mükəmməl silahlanmış min beş yüz əsgər var. Bütün silah və sursatı onlar, müxalifətın tərəfinə keçən bəzi səfirliklərin köməyi ilə əldə ediblər. Vəziyyət elə də yaxşı deyil ki, oturub barmağını sorasan, mənim generalım! Təcili tədbir görülməsə, hər şey məhv olacaq!»
Əvvəlki illərdə siyasi vulkanın bu sayaq partlayışı, onun mübarizə əzmini, risq etmək ehtirasını yalnız coşdura bilərdi, lakin indi… Məgər o öz yaşının bütün ağırlığını bilmirdimi?.. Onun idarəsinin, demək olar ki, bütün gücü, orqanizminin daxilində gedən gizli dağıntıların bərpasına sərf olunurdu, axı, qış gecələrində ona dözülməz ağrılar verən öz qəddar körpəsini – soyuq havadan şişib qarpıza dönən dəbələk şişini ovutmadan yata bilmirdi; «Uyu, körpəciyim, günüm, günəşim mənim…» Ən əsası isə bu idi ki, o heç cür müəyyən edə bilmirdi ki, kim kimdir, bu miskin sarayda qaçılmaz taleyin sınağ məqamında kimə bel bağlamaq olar. O bu sarayı, bu miskin evi, böyük məmnuniyyətlə, buradan mümkün qədər uzaq olan dılğır bir hindu kəndindəki ütük bir komaya dəyişərdi, elə bir yerə ki, orada heç kəs onu tanımasın, sayını hətta özünün də itirdiyi uzun illər boyu bu ölkənin dəyişilməz prezidenti olduğunu bilməsin, bu, onun çoxdankı arzusu idi. Bununla belə, general Rodriqo de Aqilar, ona, hər iki tərəfi razı sala biləcək kompromislər əldə etmək məqsədiylə, qiyamçılara öz vasitəçiliyini təklif etmək niyyətini bildirəndə, rəsmi qəbullarda mürgü döyən, olan-qalan ağlını da itirmiş qocanı yox, ötən dövrlərin nəhəngini, cəsur bizonu gördü… və bu böyük insan, bircə an belə, tərəddüd etmədən, ona dirsəyini göstərib qətiyyətlə: «Gələ!.. – dedi - Elə şey yoxdu, mən hakimiyyətdən getməyəcəm!» General Rodriqo de Aqilar deyəndə ki, məsələ gedib-getməməkdə deyil, məsələ ondadır ki, «hamı bir nəfər kimi sizin əleyhinizədir, mənim generalım, hətta kilsə də!» O, isə yenə etiraz elədi: «Gözümün beşi aydın, kilsə - həmişə hakimiyyətdə olanın tərəfində olub!» General Rodriqo de Aqilar deyəndə ki, vasitəçilik zəruridir, çünki generallar artıq qırx səkkiz saatdı ki, məşvərət eləyirlərsə də, öz aralarında razılığa gələ bilmirlər, o: «Dəxli yoxdu, qoy nə qədər istəyirlər boşboğazlıq eləsinlər, özün görəcəksən, kimin daha çox verdiyini eşidəndə, hansı qərara gələcəklər!» - «Amma, vətəndaş müxalifətinin başçıları, üzlərindən maskaları atıblar və küçələrdə açıq-açığına mitinq edirlər!» - deyə general Rodriqo de Aqilar, son dəlilə əl atdı. Buna da o: «Lap yaxışı, əmr ver, de Armas meydanındakı hər fənərdən bir nəfəri assınlar, qoy hamı görsün ki, güc kimin tərəfindədir!» - deyə, belə cavab verdi, «Bu, mümkün olan məsələ deyil axı?!.. - general Rodriqo de Aqilar etiraz etdi - onların arxasında xalq dayanıb!» «Yalandır, - prezident dedi - xalq mənim tərəfimdədir, odu ki, burdan mənim, yalnız meyidim çıxacaq!»
Və həmişə qəti qərar qəbul eləyəndəki kimi, yumruğunu stola çırpdı və yatmağa getdi, inəkləri sağmaq vaxtı çatanda yuxudan oyandı, ayağa qalxanda gördü ki, dövlət şurası iclaslarının keçirildiyi salon, şüşə qırıqları və daş-kəsəklə doludu – məlum oldu ki, Konde kazarmalarının əsgərləri mancanağın köməyi ilə otağı daşa basıblar. Sonra da pəncərələrin sınıq şüşələrindən içəri yanar kürələr atıblar. «Bütün gecəni yatmamışıq, ora-bura qaçıb, yanğını suyla, ədyallarla söndürməkdən, əldən-dildən düşmüşük… yanğın isə ən gözlənilməz yerlərdə baş verirdi, mənim generalım!» O. bu xəbəri biganə görkəmlə dinləyib, cansız ayaqlarını arxasınca sürüyə-sürüyə, içinə qum dolmuş dəhlizlərlə, yanmış xalçaların, qobelenlərin üstüylə addımladı… «Axı mən sizə dedim axı, fikir verməyin!» - «Amma axı onlar kirimirlər?!.. - deyə ona etiraz etdilər - xəbər də göndəriblər ki, yanar kürələr hələ yalnız xəbərdarlıqdı, bir azdan sarayı top atəşlərinə tutacaqlar!» - «Fikir verməyin, lənət şeytana!» - o bunu deyib bağa çıxdı və heç kimə məhəl qoymadan, yenicə açlmış sübhün səssizliyində pardxlanan qızılgüllərin xəfif xışıltısını dinləyə-dinləyə xiyaban boyu yeridi, yeriyə-yeriyə hiss eləyirdi ki, dəniz tərəfdən əsən külə onda xoruzvari bir istək oyadır.
«Bununla belə, indi biz neyləməliyik, general?» - «Fikir verməyin, lənət şeytana, axı bir sözü nə qədər təkrar eləmək olar?»
Həmişə günün bu vədəsində elədiyi kimi, fermaya - inəklərin sağımına nəzarət eləməyə yollandı və hər səhər olduğu kimi, içinə altı süd çəlləyi yığılmış, qatırlı araba Konde kazarmalarına yan aldı, südü gətirib gələn arabaçı, prezidentin sözlərini qiyamçılara çatdıraraq, dedi ki, prezident adəti üzrə öz fermasından əsgərlər üçün süd göndərib. - «Tapşırıb ki, südü sizə çatdırım, cənab general, baxmayaraq ki, siz, sizləri yedizdirən əli dişləyirsiniz!» Arabaçı bunu elə ürək açıqlığıyla söylədi ki, general Bonivento Barbosa, südü qəbul etməyi əmr etdi, ancaq şərt qoydu ki, süddən, birinci arabaçı dadmalıdı ki, hamı, südə zəhər qatılmadığına əmin olsun. Nəhayət, dəmir darvazalar açıldı və min beş yüz qiyamçı, eyvanlardan, arabanın Konde kazarmalarının qənbər döşənmiş məşq meydançasına necə daxil olduğuna və meydançanın ortasında dayandığına tamaşa eləməyə başladı. Onlar, general Barbosanın denşikinin, südün dadına baxmaq üçün əlində bardaq və çömçə necə arabaya dırmaşdığını, necə birinci çəlləyin ağzını açdığını və həmin dəqiqə necə gözqamaşdıran, qulaqbatıran partlayışın zərbəsindən havaya uçduğunu gördülər və daha heç nə görmədilər… və Axirət gününəcən də görə bilməyəcəklər: çünki zavallılar, altı çəllək barıtın müdhiş partlayışıyla havaya sovrulan sarı binanın içindəcə, püskürən vulkanın ağzına düşən tək, bircə anın içində yanıb kömürə döndülər… gör nə idi ki, bu partlayışdan sonra uzun illər həmin yerdə bircə çiçək belə bitmədi! Barıt, Konde kazarmalarından əlavə, yaxınlıqda yerləşən daha dörd binanı da uçurmuş və şəhərin ucqarlarınadək bütün evlərdəki qab-qacağı sındırmışdı; partlayışın dalğasından yüngülcə diksinən prezident: «Vəssalam!» - deyib köks dolusu nəfəs almışdı; sursata qənaət məqsədilə iki cərgəyə düzdürülüb güllələnmiş on səkkiz zabitin meyitini zibil furqonlarında liman qalasından çıxaranda isə prezident: «Vəssalam… - deyib köks dolusu nəfəs almışdı, general Rodriqo de Aqilar isə onun qarşısında mil dayanaraq: «Bütün siyasi canilər yaxalanıb, dustaqxanalarda yer çatışmır, mənim generalım!» - deyə hesabat verəndə, prezident köks dolusu nəfəs alıb yenə: «Vəssəlam!» - demişdi. Bu qələbənin şəninə çalınan kilsə zənglərinin nikbin harayını, bayram atəşfəşanlığının səs-küyünü, onu vəsf edən, sülh və əmin-amanlığın növbəti yüz ilinin gəlişindən xəbər verən himnlərin təntənəli melodiyalarını eşidəndə də: «Vəssalam!» - deyib köks dolusu nəfəs almışdı. «Vəssalam, lənət şeytana… - demişdi – bununla da bütün həngamə sona yetdi!» Bu hadisədən sonra onun. öz gücünə inamı o qədər artmışdı ki, öz şəxsi təhlükəsizliyinə də səhlənkarlıqla yanaşmağa başlamış, bu sahədə bütün hissiyatı elə korşalmışdı ki, günlərin bir günü sübh tezdən inək sağımından sonra saraya qayıdarkən, qızılgül kolunun arxasından çıxıb ona sarı cuman cüzamlı xəstəni belə dərhal sezə bilməmişdi. Cüzamlı, yalnız onun yolunu kəsəndən sonra, titrək barmağı, qara poladı payız çiskinində parıldayan tapançanın tətiyini basmağa cəhd edəndə, yalnız o an ayılmışdı… sinəsini irəli vermb, əllərini geniş açaraq: «Ürəkli ol, qurumsaq, ürəkli ol!» ¬ - deyə bağırmışdı. Həm də bir vaxtlar görücü-falçının yozduğu kimi, saf bulaq suyunda əks olunduğu kimi yox, tamam başqa cür öldüyünə heyrətlənərək: «Kişisənsə, vur!» - deyərək, çığırmışdı. Cüzamlı da özünü itirib duruxmuşdu, tərəddüd içində qalmışdı, gözləri sönmüş, alt dodağı iradəsiz zəifliklə sallanmışdı… bir qədər sonra isə gürz ağırlığında yumruğun zərbəsindən döşəməyə sərilmişdi və orda ağnaya-ağnaya çənəsindən dəhşətli təpik zərbələri almışdı, sui-qəsdə məruz qalan isə, başı üzərində sönük-sönük işaran yalqız ulduz görmüşdü və qışqırtımına qaçıb gələn mühafizəçilərin ayaq səslərini yuxudaymış kimi, hardansa uzaqdan eşitmişdi. «Nolub, mənim generalım?!» Bu vaxt beş güllə açıldı, beş göyümtül parıltı bağı işıqlandırdı – cüzamlı xəstə, prezident qvardiyasının - onun cəlladlarının əlinə diri keçməmək üçün daraqdakı patronların beşini də qarnına boşaltmışdı. O, qan içində qıvrılan cüzamlı xəstənin meyiti üzərindən adlayıb, əl-ayağa düşmüş saray sakinlərinin hay-həşirini gur səsiylə batıraraq, əmr elədi ki, cüzamlı xəstənin meyitini şaqqalasınlar, ətini qaxac eləsinlər, başını duzlayıb hamıya ibrət olsun deyə, de Armas meydanında tamşaya qoysunlar, əmr etdi ki, sağ ayağını Santa-Mariya-del-Altar sərhədinə, sol ayağını qərb sərhədinə – şor çıxarılan səhraya göndərsinlər, əmr etdi ki, bir qolunu aran sakinlərinə, o biri qolunu, meşə sakinlərinə nümayiş etdirsinlər, quyruq yağında qızardılmış tikələrini yeddi iqlimdə, bu iyrənc əyyaşxananın bütün vilayətlərində xalqa nümayiş etdirsinlər, qoy hamı bilsin ki, öz atasına əl qaldıran şəxsi hansı aqibət gözləyir. Bu əmri verib, hələ də qəzəbdən göyərmiş vücuduyla qızılgül kolluğuna girdi ki, keşikçilərin, cüzamlı xəstələri, böcək, kəpənək kimi, süngülərinə keçirib kolluqdan çıxardıqlarına tamaşa eləsin. - «Açın üzünüzü, quldurlar!» Sarayın pillələriylə qalxa-qalxa, iflic olmuş xəstələri təpikləyib oyadır, onlarıdan, onları bu dünyaya kimin gətirdiyini, analarını kimin mayalandırdığını soruşurdu. «Bic köpəkuşağı, barı bilirsiniz bunu kim eləyib?!» O, dəhlizlərlə gedə-gedə: «Çəkilin yoldan, lənət şeytana, hakimiyyət gəlir!» - deyə qışqırırdı. Qorxuya düşmüş məmurların, onu «Ölməz» adlandıran soyuqqanlı yaltaqların əhatəsində, özündən sonra arxasınca odlu vulkan axınını bənzər qızmar fısıltısını qoya-qoya getdi və dövlət şurasının iclas salonunda ani şimşək sayrışmasıyla görünüb, öz yataq otağında gözdən itdi, otağın qapısını üç qıfıl, üç cəftə, üç zəncirlə bağlayıb, bulaşmış şalvarını barmaqlarının ucuyla, iyrənə-iyrənə soyunub atdı. Və elə həmin andan başlayaraq, yenə rahatlığını itirdi… bir dəqiqə belə olsun, sakitləşə bilmədi, məiyyətindən kimlərin, yaxud kimin, cüzamlı xəstənin əlinə tapança verdiyini havanın iyindən bilməyə çalışaraq, hey öz-özündən: onun məxfi düşməni kim ola? – deyə soruşdu. Hiss edirdi ki, bu düşmən hardasa, lap yaxınlıqda, onun lap yanındadı… kimdisə, o qədər yaxın adamdı ki, onun, öz balqabaqlarını harda gizlətdiyini də bilir, kimdisə, gözləri bütün qapıların deşiyindən onu izləyir, kimdisə, qulaqları bütün divarları dinşəyir və bu adamı, günün istənilən vaxtı sarayda, sarayın istənilən otağında görmək mümkündür. «Mənim öz portretlərim kimi, lənət şeytana!» Düşmən hər yerdəydi, onun varlığı, yanvar küləklərinin əsimində də, bürkülü gecələrin jasmin ətrində də duyulurdu, bu adam onun yuxusuzluğunun özəyində, həmin o vahimənin canındaydı, zülmət qaranlığın içiylə gözəgörünməz, qorxunc kabus ayaqlarıyla sarayın ən gizli künc-bucaqlarını gəzib dolaşır, beləcə, dolaşa-dolaşa, günlərin bir günü, axşam, domino oyunu zamanı ətə-qana doldu: havada bir anlıq asıla qalan qoşa beş daşıyla oyunu başa çatdıran əl, onun əliydi və daxili bir səs ona dedi ki, bu əl, həmin o düşmənin, xainin əlidir. - «Bu odu, lənət şeytana, odu!»
O, bir anlıq duruxdusa da, özünü ələ ala bildi, başını qaldırdı və masanın üzərindən asılmış lampanın gur işığında öz əziz dostunun - sadiq generalı Rodriqo de Aqiların gözəl və ifadəli gözlərinə baxdı və: «Bu, mümkün olan iş deyil. - fikirləşdi - Axı, Rodriqo de Aqilar mənim sağ əlimdi, biz müqəddəs dostluq telləriylə bağlıyıq, o, hər bir işdə mənə dayaq olub». Lakin həqiqətdən qaçmaq olmazdı və o, hər şeyi birdən-birə ayrı rəngdə gördü, illər uzunu ustalıqla qurulmuş, onu tora salıb dolaşdırdıqları oyunu, bütün bu hiylə və kələkləri öz fəhmiylə, bircə anın içində görə bildi! Bu illər ərzində onun heç ağlına da gəlməzdi ki, əziz dostu, əslində, ona doğma olan bir insan siyasi fahişələrə, bəxti yeyin siyasətbazlara nökərçilik eləyir! Bunun bir günahı da onun özündəydi, öz mənafeyi xatirinə bu hoqqabazları ən ucqar dəlmə - deşiklərdən gün işığına o özü çıxarmışdı, federasiya uğrundakı müharibədən sonra onlara misli görünməmiş imtiyazlar vermişdi. Özü hər cür imkan yaratmışdı ki, onlar elə onun özünə dayaqlanaraq, yüksək mənsəbə yetsinlər, sərvət yığsınlar, elə bir mənsəb və sərvət ki, bir vaxtlar, liberal hərəkatının tufanıyla yer üzündən süpürülmüş aristokratların heç yuxusuna da girməzdi. – «Onların iştahası, düşündüyümdən də böyük imiş, lənət şeytana, qudurmağa bir bax… Gör bir, sən demə, bunlar Allahın sevimlisinin yerinə - mənim yerimə göz dikiblərmiş, yarımçıq doğulmuşlar! Bunun üçün də mənim tam etibarımı qazanmış, mənə ən yaxın olan, dövlət sənədlərini mənə imzalatmağa gətirən şəxsdən istifadə etmək qərarına gəliblər!» Həqiqətən də dövlət sənədlərini onun yanına imzalatmağa gətirməyə yalnız bir şəxsin – general Rodriqo de Aqiların səlahiyyəti çatırdı, çünki onun bütün fərmanlarını, çıxardığı bütün qanunları məhz Rodriqo de Aqilar rəsmi dilə salıb mətnləşdirirdi, əvvəlcə şifahi, prezidentin mübarək düzəlişlərindən sonra isə yazılı şəkildə ona imzalatmağa gətirirdi, o da hər bir sənədin aşağısına öz baş barmağını basırdı – bu, onun imzasıydı; sonra bu qeyri-adi imzanı dövlət möhürüylə təsdiqləyirdi; onun möhür-üzük şifrəsi, yalnız özü bildiyi xüsusi seyfdə saxlanılırdı. O, imzaladığı kağızları Rodriqo de Aqilara qaytaranda, zarafata salıb: «Mənim gözəldən də gözəl, əziz dostum, - deyirdi - daha ayaqyoluna getməyə kağızın var.» Və beləcə, onun sonsuz etimadından istifadə edən general Rodriqo de Aqilar, öz idarəçilik mexanizmini, dövlət daxilində yaratdığı dövlətini bu minvalla idarə edirdi; görünür, bu, ona, istədiyi qədər gəlir gətirə bilməmişdi. «Onun gözü bununla doymurdu, altdan-altdan Konde kazarmalarının qiyamını hazırlayır, bu işdə ona, yaxın dostu, onun qılıncoynatma müəllimi - birgə holland fahişələrinin qonağı olduqları səfir Norton kömək eləyirdi, məhz həmin bu Norton, diplomatları gömrükxana yoxla-masından və rüsum verməkdən azad edən qanundan istifadə edərək, ölkəyə sursat gətirmişdi, domino oyunu zamanı isə məni tərifləyib göylərə qaldıra-qaldıra deyirdi ki, yer üzündə mənim hökumətimdən loyal, insapərvər və ədalətli hökumət tanımır!
Saxta cüzamlının əlinə tapançanı da onlar vermişdi. Əlli min pesoya danışmışdılar, qəsdin muzdunu qatilə verəndə, hər pul bağalamasından pulun yarısını kəsib götürmüşdülər, həmin bu yarımçıq pul bağlamaları, sui-qəsdçinin evində axtarış zamanı tapılmışdı və məlum olmuşdu ki, bağlamaları oğurlanmış hissəsini qatilə, mənim ölümümdən sonra, əziz dostum general Rodriqo de Aqilar şəxsən özü təqdim etməliydi. Onlar sui-qəsd pozulandan sonra da sakitləşmədilər və başladılar plan cızmağa ki, qan tökmədən, dinc yolla məni aradan necə götürsünlər, gör iş nə yerə çatdı ki, general Rodriqo de Aqilar mənim barəmdə şahid ifadələri toplamağa başladı. İttihamları da bundan ibarət idi ki, guya mən gecələr yatmıram, güldanlarla danışıram, qaranlıqda qəhrəmanların və arxiyepiskopların portretləriylə söhbət eləyirəm, termometrlə inəklərin hərarətini ölçürəm, onlara cürbəcür dava-dərman, qızdırmanı salan həb verirəm, sonra, guya böyük admirala sərdabə tikdirmişəm və guya həmin o admiral, yalnız mənim xəstə təsəvvürümdə mövcuddur, halbuki, mən, pəncərəmin altında lövbər salmış üç karavellanı öz gözlərimlə görmüşdüm! Dəlil-sübut yığırdılar ki, guya mən, külli miqdarda dövlət vəsaitini hər cür mürəkkəb sistemli maşın və mexanizmlərin alınmasına sərf etmişəm, guya astronomları məcbur eləmişəmmiş ki, günəş sisteminin qanunlarını elə dəyişdirsinlər ki, gözəllik kraliçası mənə aşiq olsun, guya o qızı da özümdən uydurmuşam, qocalıqdan ağlımı o qədər itirmişəm ki, iki min uşağı, sementlə dolu barjaya mindirib, açıq dənizdə batırmağı əmr eləmişəm, görürsən bu köpəyuşağını?!..» General Rodriqo de Aqilar bütün bu zəruri sübutları toplayıb prezident qvardiyasının qərargahında onun bütün zabitləri ilə sazişə girib və qərara alınıb ki, prezident, qocalar evinə göndərilsin; qayanın başında tikilmiş o evdə keçmiş diktatorlar yaşayırdı; bu əməliyyatın, bu ilin mart ayının birində, mühafizəçi və keşikçilərin himayədarı sayılan Müqəddəs Mühafizəçi Mələyin şərəfinə təşkil edilən ənənəvi axşam yeməyi zamanı həyata keçirilməsi qərara alınıb. - «Yəni üç gündən sonra, mənim generalım!» Onda o, bircə hərəkətiylə belə sezdirmədi ki, sui-qəsddən xəbəri var, bircə hərəkəti ilə belə bir kəsdə şübhə oyatmadı ki, hər şeyi bilir və təyin olunmuş gün, öz qonaqlarını – şəxsi qvardiyasının ali zabitlərini qəbul etdi, onları banket stolunun arxasında əyləşdirdi və onlara içki təklif etdi. - «General Rodriqo de Aqilar gəlib əsas sağlığı deyənəcən, bir az boğazımızı isladaq». O, bütün qonaqlarla dostyana söhbət edir, zarafatlaşır, zabitlər isə bir-bir, guya ötəri təsadüflə öz saatlarına baxır, saatı qulaqlarına tutur, silkələyir, qurur, vaxtı düzəldirdilər – artıq saat on ikiyə beş dəqiqə qalırdı, lakin general Rodriqo de Aqilar hələ də görünmürdü.
Hava, gəmi qazanının istisiylə qızmışdı, ancaq bu, ətirli bir bürkü idi: qladiolosların, qərənfillərin və tər qönçələrin ətri otağı bürümüşdü, amma nəfəs almağa hava yox idi; kimsə qalxıb pəncərəni açıdı - «Və biz hamımız sinə dolusu nəfəs aldıq, sonra yenə saatlarımıza baxdıq, açıq pəncərədən içəri bayram yeməklərinin iştahaçan qoxusu və meh doldu». Ondan başqa hamı tər içindəydi və bir anlıq, hamı özünü necəsə naqolay hiss elədi və özünü oturanlardan, çoxdan ötüb keçmiş illəriylə, qalxanla qorunan kimi qoruyan, qonaqlarına hardansa, öz məkanından - zamana dəxli olmayan dünyasından boylanan bu qoca heyvanın geniş açılmış, kiprik çalan gözlərinə baxmaqdan utandılar. – O: «Sizin sağlığınıza… - deyib badəsini, yuxulu zambağı qaldıran tək, yuxarı qaldırdı - sizin sağlığınıza!» O, bütün axşamı badəsini, içkidən bir qurtum da almadan, bircə-bircə zabitlərin badəsiylə toqquşdurdu. Və budur, tam səssizlikdə, saat mexanizminin, sanki məşum uçurumun dibindən gəlirmiş boğuq zəngi eşidildi – saat on ikini vurmağa başladı. Lakin general Rodriqo de Aqilar hələ də gəlməmişdi. Kimsə ayağa qalxdı, sağolllaşaraq, aradan çıxmaq istədisə də, amiranə baxışların təsirindən yerinə mıxlandı, daşa çevrilib dondu, prezidentin səsi eşidildi: «Xahiş edirəm, getməyin!» Hamı da başa düşdü ki, saat on ikini vurub qurtarmayanacan hərəkət eləmək, nəfəs almaq, özünü diri göstərmək olmaz. Sonuncu zəng zərbəsi susanda isə qapıların pərdələri açıldı və qonaqlar çoxdan gözlədikləri general Rodriqo de Aqiları - görkəmli xadim, diviziya generalı Rodriqo de Aqiları bütün vücuduyla, dörd bir yanı gül kələmi salatlarıyla bəzədilmiş, içinə dəfnə yarpağı və ləvəngi doldurularaq, təndirdə yaxşıca bişirilib qızardılmış vəziyyətdə, əyninə, beş qızılı badam dənəcikli, boş qolunda, igidliyə görə tikişi olan, sinəsi, on dörd funt ağırlığında medallarla bəzədilmiş parad geyimində, ağzından cəfəri saplağı asılmış halda iri, gümüş məcməyidə oturan yerdə gördülər. Məcməyi bayram süfrəsinin ortasına qoyuldu və iltifatlı ofisiantlar, dəhşətdən daşa dönmüş qonaqlara məhəl qoymadan, süfrəyə gətirilmiş yeməyi bıçaqla doğrayıb bölməyə başladı və hər qonağın qabağındakı nimçəyə, içi qoz ləpəsi və ədviyyatla doldurulmuş müdafiə nazirinin ətindən iri bir tikə qoydular, axşam yeməyinə başlamaq işarəsi verildi: « Nuş olsun, senyorlar!»

O, o qədər zəlzələlərdən, taleyin uğursuz döngələrindən, odlu səma kürələrinin saysız-hesabsız təkanlarından sağ- salamat çıxmışdı ki, bizim dövrlərdə daha bir adam belə inanmırdı ki, bir vaxtlar görücü-falçı qadının dedikləri həyata keçəcək və haçansa öləcək. Bir sözlə, daha onun ölümünə heç cür inanmaq mümkün deyildi, bu, ağlasığmaz, mümkünsüz bir məsələyə çevrilmişdi, odu ki, aşkar edilmiş cəsədin, səliqəyə salınıb dəfn edilməsinə icazə sənədləşdirilənəcən, aramızdan ən qatı mövhumatçılar belə boyunlarına almasalar da, gözləyirdilər ki, əgər bu cəsəd həqiqətən onun bədənidirsə, bir vaxt deyilənlər nəhayət ki, həyata keçəcək: onun ölüm günü durğun bataqlıqların kifsəmiş suları axar çaylara dolub qalxacaq, qanlı yağışlar yağacaq, toyuqlar beşguşəli yumurtalar yumurtlayacaq, Yer üzünə əbədi sükut və qaranlıq çökəcək – onun ölüm günü dünyanın axır günü olacaq. Onun ölümünə bir də ona görə inanmaq mümkün deyildi ki, diktatura rejimi illərindən salamat çıxan bir çox qəzetlər yenə əvvəlki qaydada onun ölümsüzlüyündən yazır, tarixi xidmətlərini şişirdərək, yazılanları arxiv sənədləriylə təsdiq edirdilər; onun portreləri hər gün qəzetlərin birinci səhifəsində başlıqda göründükcə, bizdə zaman donuqluğu ovqatı yaranırdı: biz, hər gün qəzetlərdə həmin üzü, paqonlarında beş şöhrət günəşi parıldayan həmin o mundiri görürdük, üzü, fəaliyyət hərarəti və sağlamlıq saçan ləyaqətli bir adamın şəklini görürdük, halbuki, onun yaş həddi çoxdan hamının yadından çıxmışdı.
Qəzetlər bir ucdan eyni faktları – onun gah, artıq çoxdannan açılmış hansısa abidələrin, gah əslində mövcud olmayan hansısa kommunal iş yönümlü idarələrin açılışında, guya dünən, əslində isə keçmiş əsrdə sədrlik etdiyi iclaslarda çəkilən şəkillərini dərc edirdilər. Biz də axı bilirdik ki, bunlar qəzetlərin növbəti yalanıdı, çünki o, Letisya Nasarenonun dəhşətli ölümündən sonra adam arasına çıxmırdı, öz kimsəsiz sarayında tək-tənha yaşayır, dövlət işləri isə elə özü-özünə, onun hüdudsuz hakimiyyəti dövrlərindən bu yana, öz inersiyası hesabına gedirdi. Biz bilirdik ki, o, baxımsızlıqdan xarabalığa çevrilmiş bu binada rahib həyatını yaşayır və indi bizim, kədər və qəm-qüssəylə gecənin düşməsinə baxdığımız həmin bu pəncərələrdən, uzun-uzuadı illər - öz illüziyalar taxtında oturduğu dövrlər, ürəküzən, sıxıntılı axşamların düşməyinə, gecənin yaxınlaşmasına o da baxıb: biz mayakın, hey göz vura-vura. ara-sıra əfsanəvi yaşıl dalğalarla otaqların xarabalıqlarında üzən işığını görürdük; növbəti təbii fəlakət vaxtı sahilyanı qəsəbələri su basdığından, kasıbların elliklə tökülüşüb məskən salıdığı nazirlik binalarının sınıq-salxaq pəncərələrində sönük işartılarla işıq saçan miskin lampaları görürdük; bir az aşağıda tüstüyə bürünmüş şəhəri görürdük, bir vaxtlar əcnəbilərə satılmış dənizin dalğalandığı, indi isə qupquru, nəhəng çalalar boyu sıralanan gümüşü kraterlərin üzəriylə sönük qığılcımlarla çaxan şimşəklərin işığında seçilən üfüqü görürdük; onun ölümünün birinci gecəsi biz birdən-birə onun nəhəng imperiyasının hüdudsuz mənzərəsini onsuz gördük; bu imperiyanın titrəməli göllərini, çayların qovşağında yerləşdiyindən havasız, nəmli buxarlar içində əriyən kəndlərini gördük, biz onun mülkiyyətlərini – acgöz, tikanlı məftillərlə hasara alınmış əyalətləri, saysız-hesabsız mal-qara sürülərini, prezidentin şəxsi möhürüylə – vərəsilik damğasıyla damğalanmış əla növ cins inəklərin otladığı sahələri gördük.
Biz, onun yaşıyla bağlı cürbəcür zarafatlar eləməkdən doymurduq, yerişini, qədim tısbağaların, xüsusən, qoca fillərin yerişilə müqayisə edirdik, qəlyanaltıxanalarda cürbəcür lətifələr qoşurduq ki, guya bir dəfə dövlət şurasına xəbər çatıb ki, prezident ölüb və nazirlər qorxa-qorxa bir-birinə baxa-baxa soruşublar ki, indi bu haqda kim gedib ona xəbər verəcək, ha-ha-ha! Yəqin, o dövrlər belə xəbərlər onu çətin maraqlandırırdı, çətin ki, o, bütün bu danışılanlar ciddi söhbət, yoxsa adi küçə anektodu olduğunu anlayaydı, çünki o dövrlər onun yaddaş sandığında artıq bir neçə nimdaş xatirələrdən savayı ayrı bir şey qalmamışdı. Deyirdilər, o, yastıdaban, heysiz ayaqlarıyla tənha, yarıqaranlıq kabinetlərlə lal güzgü əksi kimi dolaşdığı an, kabinetlərdən birində qarşısına çıxan nişastalı yaxalıqlı, qısa gödəkçəli adamın onu görəcək, əlindəki ağ yaylıqla kiməsə şərti işarələr verdiyi gözünə görünəndə o: «Əlvida!» - deyibmiş. Bu qəribə təsadüf, deyilənə görə, sonradan rituala çevrilmişdi, saray xidmətçiləri hər onu görəndə ayağa qalxıb ağ yaylıq yellətməli və «Əlvida mənim generalım, əlvida!» deməliymişlər. Lakin məsələ burasındaydı ki, o onları qətiyyən eşitmirdi. O dövrlər birdən-birə niyəsə ona elə gəlmişdi ki, quşlarının səsi, səhər-axşam oxumaqdan batır, odu ki, ehtiyatda saxladığı beçə balından quşlara da yedirdir, onların daha gur səslə oxumağı üçün dimdiklərinə kantorin damlalarından damızdırır və fikirləşirdi ki, bu damlalar mütləq quşların səsinin açılmasına kömək etməlidi, sonra özü də quşlara qoşulub köhnə, unudulmuş mahnılardan oxuyurdu: «Ah, yanvar Ayı!..» və yenə də heç cür başa düşə bilmirdi ki, quşların səsi heç də tutulmayıb, sadəcə, onun qulaqları pis eşidir.

1 комментарий:

  1. Hörmətli dostlar, bu mənim Evlilik-Çatdırılma Təqdimatıdır ...
    bütün insanları, mənim evlilikimi bərpa etmək üçün bu adam Drigbinovia Love-Spell caster, cənnət-Saint təşəkkür edirəm. Mənim həyat yoldaşım başqa bir qadınla tanış olmaq üçün son 3 ildir məni tərk etdi, iki uşağımız vardı. amma mənim həyat yoldaşım həmişə mənim günahımı tapır, ərim artıq mənə inanmır, mənim nigah məsələlərim haqqında bir iş yoldaşına söylədim, dostum mənə drigbinovia ilə kömək etmək üçün elektron poçt göndərdi. Dostum me.i işinə verdiyi e-poçt ünvanına bir mesaj göndərirəm və DRigbinovia təlimatını izləyirəm və 3 gün sonra sehrli sevgi yazımını döydüyümdən şadam ki, mənim həyat yoldaşı Raymond telefonda məni çağırdı və məni bağışla və Onu qohum kimi qəbul etdim, xoşbəxt oldum və onu ürəyimlə qəbul etdim. İndi mənim və həyat yoldaşım həyat yoldaşım və həyat yoldaşımız kimi bir yerdə yaşayırlar, bu gün bir ailənin xoşbəxtliyini yaşayırıq. bu tanrı sayəsində böyük iş üçün insan igbinovia göndərdi .. Mən bütün dünyada insanlar üçün onun yaxşı iş bu müdhiş şəhadətini bölüşmək üçün söz verəcəyik, bu adamla əlaqə əgər bu gün birinin nikah bərpa ediləcək Hər hansı bir əlaqələr böhranı və etibarsızlıqdan keçərkən təcili olaraq bu adamla əlaqə saxlayın: doctorigbinovia93@gmail.com

    ОтветитьУдалить