Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


понедельник, 1 июня 2009 г.

Axirətə doğru

MƏHƏMMƏD ƏBU – HƏMİD ƏL-QƏZALİ
(1058, ya 1059)


Bu sayımızdan başlayaraq, İslam dünyasının seçilən nüfuz sahibi, böyük din mütəfəkkiri, ilahiyyatçı alim, imam Məhəmməd əl Qəzalinin əsərlərinin təqdimatına başlayırıq.
Bir vaxtlar «Hiccat-ül İslam» («İslamın dəlili») ləqəbini qazanmış bu nadir sufinin yaradıcı irsi, (şərqşünaslıq elmində) bu gün də «Qəzalianə» adı altında ayrıca sahə kimi, hələ də tədqiq edilməkdədir.
Dünya mədəniyyəti tarixinə, sufizmlə ilahiyyatçılığı bir-birinə qovuşduran aparıcı ilahiyyatçı kimi daxil olub.
Qəzali, İlahinin dərkini, insan ruhunun kamillik yolunu, Allaha aparan Yol üzrə özünəməxsus dəyərlərlə müəyyənləşdirib təsdiqə yetirən böyük din mütəfəkkiri hesab edilir. Yüksək nüfuzuna görə, islam dünyasında Məhəmməd peyğəmbərdən sonra yenilik gətirən ikinci müsəlman kimi dəyərləndirilir.
Qəzalinin həyatı barədə materiallarda belə bir qısa bioqrafik məlumata rast gəlinir:
«...Xorasanın Qəzali kəndində doğulub. Müəllimi, dövrün görkəmli ilahiyyatçısı Əl-Cüvayni olub. Gənc Qəzalinin unikal qabiliyyətləri, ilk dəfə 1091-ci ildə, onu Bağdadın baş mədrəsəsində fikhdən (müsəlman hüququ fənnindən) dərs deməyə dəvət edən səlcuq vəziri, Nizam əl-Mülk tərəfindən aşkar edilib. Lakin naməlum səbəblərdən, (bəzi mənbələr bunu, mütəfəkkirin psixi durumu əlaqələndirir) dörd ildən sonra o, tutduğu yüksək vəzifədən, karyerasından imtina edərək, Bağdadı tərk edir və sonrakı on bir ili tərki – dünya dərviş həyatını keçirir.
1106-cı ildə əl-Qəzali yenə fikhdən dərs deməyə qayıdır, lakin bu dəfə Nişapur şəhərinə. Bir qədər keçdikdən sonra o, yenə hər şeydən imtina edib, öz hücrəsinə – təkliyə çəkilir və özünü, ölən gününəcən sufi tədqiqatlarına həsr edir...»
Digər mənbələrdə isə, Qəzalinin, həmin dövrlərdə baş verənlərlə bağlı belə bir yazısı gözə çarpır:
«...Özümü kənardan müşahidə etdikcə, düşdüyüm vəziyyətimin mənim üçün təhlükəli olduğunu, gün – gündən məni əhatə edən hər bir şeyə, yer həyatından əldə etdiklərimə bağlandığımı duyurdum. Onda mən, öz həyatıma kənardan diqqət qoydum və anladım ki, mənim üçün yeganə əlverişli məşğuliyyət – insanlara dərs verib, onları bimlikləndirməkdi. Bir qədər sonra isə anladım ki, bu biliklərin, nə bu dünyada, nə də o biri dünyada heç bir fayda gətirmək qabiliyyətləri yoxdu. Onda mən, insanlara bilik vermək istəyimin niyyətini xatırladım və anladım ki, bunu, Allahın yolunda yox, özümə şöhrət, ad – san qazanmaqdan ötrü edirəmmiş. Onda anladım ki, uçurumun kənarındayam, əgər düşdüyüm bu vəziyyətimi dəyişə bilməsəm, yerim – Cəhənnəmdi...
Odu ki, hər şeydən kənarlaşıb Bağdaddan çıxmaq qərarına gəldim. Bu qərarım, mənim nəfsimə xoş gəlmədi və mənə müqavimət göstərməyə başladı. Və mən bu minvalla, ipə – sapa yatmayan ehtirasım və xudpəsənliyimlə, O dünyadan duyduğum çağırışların arasında qaldım...»
Həmin dövrlər, yəni bu dünyanın maddi qanunlarıyla, O dünyanın çağırışları arasında qalan bu müqəddəs imam, elə bir xəstəliyə tutulur ki, çörək çeynəməyə, ağzını açıb söz deməyə taqəti çatmır.
«...Məni tez-tez yoluxmağa gələnlərin qəlblərini ovutmaq xatirinə, bircə gün belə olsun, işə çıxıb dərsimi deməyə çalışdımsa da, bir şey alınmadı. Dilim söz tutmurdu, həyəcandan, izaholunmaz sarsıntıdan, yeməyimi də çeynəyə bilmirdim. Hər şey niyəsə acı tamırdı...
Bədənim tamamilə heydən düşmüşdü və bir həkim belə olsun, dərdimə əlac edə bilmirdi... Onda mən, bəlaya düçar olan kəs kimi, hamıdan Uca Allaha üz tutdum...
Və O, Onu çağıran hər bir bəndəsinin səsinə cavab verən kimi, mənim də yalvarışlarımı eşitdi, qəlbimə təpər verib, məni şöhrətpərəstlikdən və puldan soyutdu. Bununla da, mənim halım yüngülləşdi və mən sağaldım... Bütün dost – tanışıma elan etdimsə də ki, Məkkəyə köçürəm, özüm, hər şeyi atıb, ailəmə və mənə zəruri olanları özümlə götürərək, həmişəliyə Əş – Şam (indiki Suriyanın ərazisi) şəhərinə köçdüm..».
Qəzalinin bu gedişi nəticəsiz qalmır. Bu şəhərdə o, «Böyüklər Cərgəsi» deyilən, Nəqşbənd təriqəti silsiləsi üzrə yeddiici şeyx, Əbu Əli Əl – Fərmadi ilə tanış olur və onun nəzarəti altında «ət – təsəvvüfün» pillələrini keçənəcən, Allaha xidmət etmək imkanı qazana bilir və o birilərdən gizlin qalan, nəhayət ki, ona açılır... «xoşbəxtlik» adlanan səadətinə Qəzali axır ki, bu minvalla qovuşur...
Qəzalinin əsas əsəri – «İnam barədə elmlərin bərpası» («İhya ülüm əd-din» 1872) adlı nəhəng xülasəsidir ki, burda (ali həqiqət olduğundan) Allahın rassional dərkinin qeyri-mümkünlüyü ideyası inkişaf etdirilir. Qəzaliyə görə, Allahın dərki, yalnız ekstatik həyəcan (vəcdəgəlmə) yolu ilə mümkündür. Bu, insan ruhunun allahabənzərliliyinin intuitiv anlamıdır. Qəzaliyə görə, ruh da, Allah kimi laməkandır. Dünya isə, azad İlahi aktın törəməsidir.
Məşhur Nişapur alimi, ilahiyyatçı Məhəmməd ibn Yəhya demişkən: «Şüur intellektinin kamillik səviyyəsinə çatan, yaxud çatmaqda olan kəslərdən savayı, bu dünyada heç kim imam əl – Qəzalinin mahiyyətini və onun qabiliyyət imkanlarını müvafiq səviyyədə anlayıb qavramaq iqtidarında deyil...»
«...Biz biliyi, Allaha görə axtarmağa başlamadıq, O Özü istədi ki, biz bunu Ona görə edək...»


M.Ə.Qəzali





ƏBU – HƏMİD ƏL-QƏZALİ




OĞLUMA MƏKTUB


Mərhəmətli, Rəhimdil Allahın adı ilə. Dünyalar Yaradan Allaha eşqlə və Allahdan qorxanlara yüngül sonluq arzusu ilə. Onun Peyğəmbəri Məhəmmədə və onun nəslinə xeyir-dua ilə.
Bil ki, bir şagird sədaqətlə öz şeyxinə – İslam dünyasının tanınmış nüfuzu, imam Zeyn-əd-Dinə xidmət edirdi. Həmin bu şeyx, Əbu-Həmid Məhəmməd əl-Qəzali idi (Allah onun ruhunu işıqlandırsın). Bu şagird oxuduğu elmlərin bir çox incəliklərini qavrayanacan və özünü bütün ruhi məziyyətlərlə bəzəyənəcən, ona şagirdlik etdi.
Günlərin bir günü, öz vəziyyəti barədə düşünərkən, bu şagird özü-özünə fikirləşdi ki: «Mən elimlərin müxtəlif növlərinə yiyələndim, ömrümün ən yaxşı illərini, bu bilikləri toplayıb əxz eləməyə sərf etdim. İndi necə bilim ki, bu öyrəndiklərimin hansı birisi sabahı gün mənə, kömək olacaq, qəbir evimdə keçirəcəyim dövrümü yüngülləşdirəcək? O elm ki, bu mənada mənə fayda gətirməyəcək, mən onu bir kənara qoyacağam».
Allahın rəsulu (Allahın xeyir-duası ondan əskik olmasın) demişkən: «Ay Allah! Mən, Sən tərəfə, heç bir fayda götürmədiyim biliyim sarıdan qaçıram...»
Bu fikir, şagirdə rahatlıq vermirdi. Odu ki, o, hörmətli şeyxə – İslam dünyasının nüfuzlu siması Məhəmməl əl-Qəzaliyə (Allah ona mərhəmətli olsun) məktub yazıb, ona bu barədə məsləhət verməsini, bir neçə sual verib, bu suallara cavab göndərməsini və dua öyrətməsini xahiş edir.
«Baxmayaraq ki, şeyxin «İhya» («Dirilmə») və digər əsərlərində mənim suallarıma cavab var, mən istərdim ki, şeyx mənə lazım olanları – bütün ömrüm uzunu mənimlə olacaq sözləri bir neçə səhifədə yazsın ki, mən bu dünyadakı həyatım ərzində, Allahın köməkliyi ilə onları yerinə yetirim».
Və şeyx ona cavab olaraq, Allahdan nə gizlin, bu məktubu yazır.

«Əziz və sevimli oğlum, Allah sənin, Ona sitayişdə keçən ömrünü uzatsın və qoy, O, səni Öz sevimlilərinin yolu ilə aparsın. Bil ki, hər bir məsləhət və ibrət, Yazının əsasında yazılır və əgər sənə, ondan olan hər hansı ibrət çatıbsa, mənim ibrətim sənin nəyinə gərəkdi? Yox, əgər o ibrət sənə çatmayıbsa, onda de mənə ki, ötən illər ərzində sən nəylə məşğul olmusan?
Ey oğul, Allahın rəsulunun, (Allah onu şad eləsin) öz icmasına verdiyi məsləhətlərdən, tək bu sözlər alimlərə kifayət edər:
«Allahın öz bəndəsindən imtina etməsinə sübut - bəndənin, Onun üçün əhəmiyyətsiz olan işlərlə məşğul olmasıdır və həqiqətən də, bir saatını belə sitayişdə keçirməyən insan, (halbuki, o, bu dünyaya bundan ötrü gəlib) ömrünü kədər və iztirab içində keçirməyə layiqdir. Və o, kəs ki, qırx yaşına çatıb və yaxşı əməlləri, pis əməllərini üstələməyib, qoy Cəhənnəmə hazır olsun».
Oğul, məsləhət vermək asandı, onları yerinə yetirmək çətindi. O səbəbdən ki, məsələhət, öz arzularının quluna çevrilənlərə, qəlbləri qadağaları sevənlərə acı gələr. Bu, ələlxüsus, əsaslı biliklərə can atanlara və bu dünyanın yollarıyla, öz nəfslərinin ödənilməsi naminə gedənlərə aiddir. Onlar hesab edirlər ki, bu dünyada qazandıqları bilikləri onları xilas edəcək və Cəhənnəmdən qurtaracaq. Onlar düşünürlər ki, (xeyir) əməllər yaratmaqlarına ehtiyac yoxdur. Bu, əsasən, filosofların qənaətləridi. Böyük və Qüdrətli Allaha eşq olsun! Bu bədgümanlar bilmirlər ki, bilik qazansalar da, əgər bu qazandıqları onlar üçün müvafiq deyilsə, bu bilik, onlara qarşı daha kəskin dəlilə çevriləcək. Allahın rəsulu (Allah onu şad eləsin) demişkən:
«Qiyamət günü ən böyük iztirabı, Allahın verdiyi bilikdən istifadə etməyən alim çəkəcək...»
Və Cünayd barədə (Allah onun qəbrini nurlandırsın) deyirlər ki, ölmündən sonra bir nəfər onu yuxuda görərək soruşub ki, «Nə xəbər var, Əbül Qasım?» O isə cavab verib: «Bütün ifadələri itirmişəm, bütün işarələr yoxa çıxıb... bizə, gecə yarısı qıldığımız namazın bir neçə rəkatından savayı heç nə kömək olmadı...»
Oğul, bil ki, biliklər öz başına köməyinə gəlməyəcək. Buna misal bu ola bilər ki, bir adam səhralıqla gedir və üstündə on ədəd hind qılıncı və ayrı növ silah daşıyır. Bu adam, cəsur əsgərdi. Əgər bu səhrada onun qarşısına nəhəng şir çıxarsa və onun üstünə atılarsa, sən nə fikirləşirsən? Əgər o, bu silahlardan istifadə etməsə, bu vəhşi heyvana neçə-neçə həmlələr endirməsə, bu silahlar onu qoruya bilərmi?
Məlum məsələdi ki, silahlar o vaxt müdafiə edir ki, onları tərpədirsən, hərəkətə gətirəsən. Və beləcə insan da, əgər o, yüz min elmi əsər oxuyarsa və onları öyrənib əzbərləyərsə, lakin onlardan qavradıqlarını həyatda və əməldə tətbiq etməzsə, bu biliklər ona heç bir fayda gətirməz.
Yaxud bunu, sarılıq xəstəliyinə tutulmuş qızdırmalı adamla da müqayisə etmək olar: bu xəstəliyi, sirkə ilə turşudulmuş balla və ayrı dərmanlarla müalicə etməsən, iş aşmaz.
Və əgər sən, yüz il bilik əldə etsən, minlərlə kitab oxusan belə, xeyirxah əməllərin olmazsa, Allahın Rəhminə gəlməyəcəksən.
«Bircə ruh belə, o birininkinin yükünü çəkməyəcək, (hər ruh öz yükünü çəkəcək) (55:38).
«Kim ki, öz Allahı ilə görüşmək niyyətindədi, qoy xeyirxah işlərlə məşğul olsun və Allahından savayı bir kəsə baş əyməsin». (18:110)
«Qazandıqlarının əvəzi verilsin.» (9:82).
«Həqiqətən, inam sahiblərinin və əməlisalehlərin qisməti, Firdaus bağları olacaq... Onlar orda əbədi yaşayacaqlar və özləri üçün heç bir dəyişiklik istəməyəcəklər. Qalanların hamısı, elədiklərinin altını çəkəcək, (ya iztiraba düçar olacaq; ya qanmazlıqları müqabilində cəzalandırılacaq; ya pisliklə üzləşəcəklər), tövbə edənlərdən və inama gəlib Haqq yoluna tapınanlardan savayı. Yalnız bu kəslər Cənnətə daxil olacaq, onlarla, zərrə qədər haqsız rəftar edilməyəcək». (19:59-60).
İndi sən buna nə deyəcəksən?
Bil: İslam beş sütuna əsaslanır:
Allahdan savayı allahlıq yoxdur. Məhəmməd, Onun rəsuludur;
Duaların oxunması;
Zəkatın verilməsi;
Ramazan vaxtı oruca əməl olunması;
Uzaq yolu başa vura bilənlər üçün Həcc ziyarəti.
İman (inam) – dillə deyilən sözdü. (Deyilənin) təsdiqi – qəlblə və ətraf əzələlərlə əmələ yetirilənlərdi. Bunun sübutları saya-hesaba gəlməz və bil ki, bəndə, Cənnətə, yalnız Allahın Mərhəməti ilə, Onun Səxavəti sayəsində düşər və bu, Allaha təslim olub itaətə gələndən sonra baş tutar. Çünki; «Allahın Mərhəməti, xeyirxah əməl sahiblərinə yaxın məsafələrdədi». (7:66)
Və əgər kim soruşsa ki: «Bunu, tək bir inam yolu ilə qazanmaq olar?», biz cavab verərik ki, «Bəli, olar».
Lakin bu yolun axırına nə vaxt çatılacaq? Və axıra çatanacan, nə qədər keçilməz maneələri aşmaq lazım gələcək?.. Bu maneələrdən birincisi – inam maneəsidi: sonacan qoruyub saxlaya biləcəkmi o kəs inamını? Və əgər o kəs axıra çatacaqsa, uğursuzluğa uğrayıb, heç nə ilə qalmayacaq ki?.. Müqəddəs Həsən əl-Bəsiri demişkən:
«Allah, Qiyamət günü öz bəndələrinə deyəcək: «Buyurun, Mənim bəndələrim, Mənim Mərhəmətimlə Cənnətə daxil olun və onu öz aranızda, öz əməllərinizə görə bölüşdürün...»
Oğul, əgər sən xeyirxah əməllər sahibi olmasan, mükafatın verilməyəcək. Deyirlər, İsrayıl qəbiləsindən olan bir adam, Hamıdan Uca Allaha yetmiş il ərzində itaət edibmiş. Və Uca Allah onu, mələklərə təqdim etmək qərarına gəlibmiş. Bu məqsədlə Allah, onun yanına öz elçisini göndəribmiş, onu xəbərdar etsin ki, bütün bu itaətinə baxmayaraq, o, Cənnətə daxil olmağa layiq deyil. Bu xəbəri aldıqdan sonra bəndə deyib: «Biz itaət üçün yaranmışıq və biz itaət etməliyik». Mələk onun yanından qayıtdıqdan sonra Allaha deyib: «Mənim Tanrım, Sən məndən yaxşı bilirsən o, nə dedi». Və Uca Allah deyib:
«Əgər o, Bizə itaətdən imtina etməyibsə, Biz də bütün Mərhəmətimizlə ondan imtina etməyəcəyik. Siz şahid olun ki, Mən onun günahlarından keçdim».
Və Allahın rəsulu (Allah onu şad eləsin) belə deyib:
«Sizi sorğu – suala tutmazdan əvvəl, özünüz özünüzdən hesabat istəyin. Və öz əməllərinizi, ölçülüb-biçilməmişdən əvvəl, özünüz ölçüb-biçin».
Və Əli (Allah ondan razı olsun) deyib: «Kim ki, düşünür ki, çalışmadan, səy göstərmədən (Cənnətə) çatacaq, o, boş xülyalarla yaşayır. O kəs ki, düşünür, Cənnətə, çəkdiyi əzabları, və səyləri ilə düşəcək, o kəsin heç nəyə ehtiyacı yoxdu».
Əl-Həsən isə1 (Uca Allahın ona rəhmi gəlsin) deyib: «Cənnətə əziyyətsiz can atan kəs, günahlarının birini də artırar». Və deyib: «İnsanın düzgün yolla getməsinin birinci əlaməti – onun, dünya işlərinə baş qoşmaması yox, onun, bu işlərə əhəmiyyət verməməsidi». Və Allahın rəsulu (Allah onu şad eləsin) deyib:
«Uzaqgörən o, kəsdi ki, özünü, ölümdən sonrakı halına borc verir, axmaq isə o, kəsdir ki, öz həzzlərinin quluna çevrilir və Allahdan, öz arzuladıqlarını gözləyir».
Oğul, gör bir, sən necə gecə yatmadın, elm oxuyub öyrənə-öyrənə, yuxuna haram qatdın? Bilmirəm, buna səni nə vadar etdi?.. Əgər bu, yer sərvətlərini, yer həyatının şad-xürrəmiliyini əldə etmək üçün, burda yüksək mövqe qazanmaqdan ötrü, özünə oxşayan yaşıdlarının yanında öyünməkdən ötrü idisə, səni böyük bəla gözləyir. Yox, əgər bununla sən, Peyğəmbərin (Allah onu şad eləsin) qoyduğu qanunları bərpa etmək istəyirdinsə – özünü tərbiyə etmək, pisliklər yaymağı əmr edən nəfsinə qalib gəlmək istəyirdinsə, səni mükafat gözləyir. Böyük mükafat.
Oğlum, necə istəyirsən, elə yaşa, onsuz da sən, ölüsən. Nəyi istəyirsən, onu da sev, ondan ayrılacaqsan. Və istədiyini et, həqiqətən elədiyinin əvəzini görəcəksən.
Oğul, əgər sən, İlahinin buyruğuyla Qüdrətli yaranmamısansa, İllahiyyat elmini, onun fikir ayrılıqlarını, tibbi, şer kitablarını, şer yazmağı, ulduzları, qafiyələri, sintaksisi, morfologiyanı öyrənmək sənə nə verəcək?.. Həqiqətən mən, İsanın İncilində gördüm: mərhum qəbrə qoyulanadək və qəbrə qoyulandan sonra, Allah, Öz Qüdrəti ilə ona qırx sual verir. Bunun birincisi:
«Ey Mənim bəndəm, uzun illərdən bəri, sən insanların qarşısında yaxşı görünməyə çalışmısan və bircə saat sərf eləmisənmi Mənim qarşımda yaxşı görünəsən?...»
Allah hər gün sənin qəlbinə nəzər salır və deyir: «Mənim nemətlərimdən bəhrələnirsən, amma, o birilər üçün çalışırsan. Sən karsan, heç nə eşitmirsən...»
Oğul bil: əməlsiz bilik – səfsəfəçilikdi . Biliksiz də əməl yoxdu. Bil ki, o bilik ki, bu gün səni pis işlərdən çəkindirmir və səni Allaha itaətə sürükləmir, sabah o bilik səni Kaftar alovundan da qoruya bilməyəcək. Və əgər bu gün sən, biliyini əmələ çevirməsən, əldən buraxdıqlarının əvəzini verməsən, sabah: «Bizi geriyə qaytar ki, saleh əməllər yaradaq…» - deyib yalvaracaqsan. Onda sənə: «Səfeh, sən ki, indicə ordan gəlirsən...» - deyəcəklər.
Oğul, bütün qüvvəni ruhuna yönəlt, nəfsinə zərbə vur, (və unutma ki,) bədən ölümlüdü, sən, əvvəl-axır məzara düşəcəksən. Məzar sakinləri isə daim səni gözləyir ki, nə vaxt onların yanına gələcəksən? Onların yanına ehtiyatsız getməkdən çəkin. Ədalətli Əbu Bəkr (Allah ondan razı olsun) deyib:
«Bu bədənlər – quşlar üçün qəfəs, heyvanlar üçün damdır. Odu ki, fikirləş, bunların hansı birinə aid olduğunu özün üçün ayırd elə».
Və əgər sən, uca göylərdə süzən quşlardansansa, onda zirvələrin daha yüksəklərinə – Cənnətə çatanacan, qalxacaqsan. Allahın rəsulunun, (Allah onu sevindirsin) bu çağırışı eşidib: «Öz Allahına qayıt...» demişkən.
Deyilənlərə görə, «Sə’d ibn Mu’əzanın2 ölmündən, Uca Mərhəmətlinin dərgahı lərzəyə gəldi…» Allah, bizləri, heyvanlar qismində olmaqdan qorusun. Uca Allah demişkən:
«Onlar heyvana bənzəyərlər, lakin, heyvanlardan betər azmışlardı onlar...» (7-179) Və düşünmə ki, öz evinin küncündən Kaftarın uçurumuna düşmək mümkün deyil...
Danışırlar ki, Həsən əl-Bəsriyə, (Allahın ona rəhmi gəlsin) içməkdən ötrü bir qurtum su verirlər. O, stəkanı alırsa da, qəfildən huşunu itirib əlindən yerə salır. Ayılanda, ondan soruşurlar ki: «Sənə noldu belə, Əbu Səid?». O cavab verir: «Mən, Cəhənnəm əhlinin Cənnət əhlinə: «Üstümüzə su, yaxud Allahın, sizə bəxş etdiyindən tökün...» – deyərkən, ürəklərindən keçənləri xatırladım...» (166:50)
Oğul, əgər oxuyub öyrəndiyin elmlər, özü özlüyündə sənə kifayət etsəydi və sənin, bundan savayı, xeyirxah işlər görməyə ehtiyacın olmasaydı, onda: «Diləyən varmı?.. Günahının yuyulması üçün yalvaran varmı? Peşman olub tövbə edən varmı?..» - müraciətləri mənasız və faydasız olardı.
Danışırlar ki, mücahidlərindən kimsə (Allah ondan razı olsun) Allahın rəsulunun (Allah onu şad eləsin) hüzurunda Abdulla ibn Öməri yada salarkən, deyib: «Əgər duasını oxusaydı, o, insanların ən yaxşısı olardı.» Və o, (behiştlik olsun) öz məsləkdaşlarından birinə bunu da deyib: «Gecələr çox yatmamalısan. Çünki, gecə saatlarının çoxunu yuxuda keçirmək, ona gətirib çıxarır ki, insan, Qiyamət Günündə heç nə ilə qalır...»
Oğul, «gecənin bir hissəsini ayıq qalıb, əlavə namazlar qıl, dua oxu...» (17:70) – bu, əmrdir; «sübhdən əvvəl isə onlar günahlarının yuyulması barədə yalvararlar...» (51:18) Bu, minnətdarlıqdır, «sübh çağı da, günahlarının yuyulmasını xahiş edərlər...» (3:17) – Bu zikrdir. O, (behiştlik olsun) bir də deyib:
«Üç səs Uca Allaha xoş gedər: «xoruz banı, Quran oxuyanın avazı və sübh çağından əvvəl, günahlarının yuyulmasını yalvaranların səsi...»
Sufiyan Əs-Səuri (Allah ona rəhmət eləsin) deyib: «Allah, (O, Qüdrətli və Böyükdür) küləyi, sübh çağından əvvəl əsdirib, zikr və istiqfarı yığaraq, Əzəmətli Allaha çatdırmaqdan ötrü yaratdı». Bunu da deyib: «Gecə düşərkən Dərgahın o üzündən itaət edənlərə, müraciət edərlər: «İtaət edənlər ayağa qalxsınlar...» Allaha inananlar, yuxudan oyanıb Allaha lazım olan qədər dua edərlər. Sonra həmin o səs, gecənin ortasında bir də çağırar: «Qoy Allaha inananlar ayağa qalxsınlar». Onlar, yuxudan ayılar və sübhəcən dua edərlər. Gecənin sonu çatanda, dərgahın o üzündən müraciət olunar: «Qoy günahlarını yumaq istəyənlər ayağa qalxsınlar». Onlar yuxudan oyanarlar və dua oxuyub, Allahdan, günahlarının yuyulmasını diləyərlər. Günəş doğanda isə belə müraciət olunar: «Qoy əhli-keflər ayağa qalxsınlar.» Onlar yataqlarından, qəbirlərdən qalxan ölülər kimi, qalxarlar...»
Oğul, deyilənə görə, Müdrik Loğman öz vəsiyyətlərində deyib: «Oğul, qoyma xoruz səndən ağıllı olsun. O, gecənin başa çatması barədə hay salıb çığıranda, sən niyə yuxuda olmalısan ki?»
Oğul, bil ki, əsil bilik – ilk növbədə, itaətin və pərəstişin nə demək olduğunu anlamaqdı.
Bil ki, itaət də, pərəstiş də, Şəriətin, sözdə də, əməldə də buyurduqlarına və qadağa qoyduqlarına əməl etməkdi. Bu, o deməkdi ki, sənin dediklərin, eləyib-eləmədiklərin, şəriət yoluna zidd olmamalıdı. Məsələn, əgər sən orucu İda, yaxud təşriq günləri1 tutsan, bununla qanunu pozmuş olacaqsan. Və yaxud, duanı, ayrı bir kəsdən aldığın geyimdə oxusan, zahirən bu, itaət kimi görünsə də cəzalandırılacaqsan.
Oğul, sənin sözlərin də, əməllərin də, şəriətə ona görə uyğun olmalıdı ki, şəriətə əməl edilmədən, qazanılan biliklər və görülən işlər – saxtadı. Və sən, sufi məclislərinə, bu məclislərdəki huşitmə mərasimlərinə heç də uyma.
Bu yol, məhz dediyim o səbəbdən, cihad tələb edir. Nəfsi, tərbiyə qılıncı ilə kəsmək gərəkdi, boşboğazlıq və uydurmaçılıqla yox.
Bir də, göndərdiyin bəzi suallara, nə yazıyla, nə də sözlə cavab vermək mümkün deyil. Əgər sənə, həmin o vəziyyətə düşmək müyəssər olarsa, sən ONUN nə olduğunu anlayacaqsan, əgər yox, bu barədə heç nə bilə bilməyəcəksən. O səbəbdən ki, ONU, yalnız duyub anlamaq mümkündü və bütün bunları sözlə ifadə etmək mümkün olmaz. Şirin olanın şirinliyi, acı olanın acılığı, dadılmasa, anlanmayan tək.
Deyirlər, bir zəif adam, öz dostuna belə məktub yazır: «Mənə, izdivac vaxtı duyulan həzz barədə yaz, bu, necə olur?» Dostu ona belə bir cavab yazır: «Mən elə bilirdim, sən sadəcə, zəifsən. Sən demə, üstəlik, səfehsənmiş də. Çünki, bu həzzi, yalnız duyub anlamaq olar. Əgər qismət olarsa, sən bunun nə olduğunu biləcəksən, əgər yox, bil ki, bunu nə sözlə, nə də yazıyla ifadə etmək mümkün olmaz.»
Oğul, sənin bəzi sualların da buna bənzər, bəzilərinə isə cavab vermək mümkündü. Beləliklə, Yolçuya (Allahın Yolu ilə gedənə) dörd keyfiyyət mütləq gərəkdi:
Bunun birincisi: hər hansı əllaməçiliksiz, həqiqi inamdı.
İkincisi: səmimi tövbədi: o tövbə ki, ondan sonra, buraxılan səhvlərə yol verilməsin.
Üçüncü: sənə dost olmayanların könüllərinin alınmasıdı. Belə ki, sən heç kimə borclu qalmayasan.
Dördüncü: şəriət biliyinin, Allahın buyurduqlarına əməl etməyə imkan verdiyi səviyyədə alınması, daha sonra, xilasa aparan qalan biliklərin alınmasıdı.
Deyilənə görə, Əş-Şəbali (Allah ona rəhmət eləsin) hansı ki, dörd min müəllimə qulluq edirdi deyib: «Mən, dörd min hədis oxudum, sonra onların içindən birini seçdim, o bililəri bir kənara qoyub, onun ardınca o səbəbdən getdim ki, mən, tək bir onu qavradım və anladım ki, mənim xilasım da, qurtuluşum da ondadır. Bu hədis, birincilərin və sonuncuların bildikləridi. Mən, elə bununla kifayətləndim.»
Bu isə, Allahın rəsulunun (Allah onu şad eləsin) öz ardıcıllarından birinə dediyi idi:
«Bu dünyadakı həyatında, orda qaldığın müddət üçün çalış və nə qədər ki, ordasan, O dünyadakı həyatın üçün çalış. Allahdan ötrü, Ona olan ehtiyacın həddində çalış. Cəhənnəmdən qurtulmaqdan ötrü, Orda tab gətirəcəyinin müqabilində çalış...»
Oğul, tək bir bunu anlasan, sənə elə də çox bilik lazım olmayacaq.
Diqqətini cəmlə və bu barədə ayrı əhvalatları da dinlə. Məsələn, deyilənə görə, Hətim Əl-Əsamm, Əş-Şakiq Əl-Bəlahhiyin (Allah onların hər ikisinə rəhmət eləsin) dostu olubmuş. Günlərin bir günü o, o birinə belə bir sual verib ki: «Sən otuz ildi mənim yolumla gedirsən. Bu vaxt ərzində nə isə əldə edə bildinmi?» O biri ona belə cavab verib: «Mən, bu yolda səkkiz faydalı mətləb anlamışam ki, onların mənə verdiyi bəsimdi. Ümidvaram ki, xilasım da, qurtuluşum da onlardadı.» Və Şakiq ondan soruşub: «Nədi, dediyin o səkkiz mətləb?»
Onda Hətim Əl-Əsamm cavab verib:
Birinci: mən yarananları tədqiq etdim və gördüm ki, onların hamısının sevdiyi, yaxud vurulduqları sevdikləri var. Amma bu sevdikərinin bir qismi insanı, ölümünəcən müşaiyət edər, bir qismi məzarının kandarınacan, sonra hamısı geriyə qayıdıb, onu orda tək qoyar və onlardan heç biri, onunla bir qəbirə daxil olmur.
Mən, bu barədə çox düşündüm və özüm-özümə dedim: insanın sevdiklərindən ən üstünü, onunla bir, qəbir evinə daxil olub, orda tənhalığını ovudandı. Bunun da, yalnız Haqq işləri olduğunu anladım və onları seçdim ki, qəbir evində olarkən, çırağım olsunlar, oranın qaranlığını işıqlandırıb, məni ovudsunlar.
İkinci: mən gördüm ki, insanlar, bu dünyada öz arzularının quluna çevrilirlər və nəfslərini doyurmaqdan yorulmurlar. Onda mən Uca Allahın, «O kəs ki, öz Allahının hüzurunda durmağın qorxusunu çəkib və özünü ehtiraslardan qoruya bilib, onun yeri Cənnət olacaq...» kəlamını xatırladım (79:49-41) və bir daha anladım ki, Quran, ən səmimi həqiqətdi. Mən, Uca Allaha (Ona eşq olsun!) itaətə gəlib, ona tabe olmayanacan, öz nəfsimlə mübarizə aparmağa başladım, ona, istədiklərini vermədim.
Üçüncü: mən gördüm ki, bütün insanlar Yer həyatının müvəqqəti nemətlərindən bacardıqca çox yığır, sonra onları ovuclarında möhkəm-söhkəm saxlayırlar. Onda mən Uca Allahın: «Sizdə olan əriyib gedəcək, Allahda olan əbədi qalacaq.» (16:96) sözlərini əzbərlədim və bütün qazandıqlarımı, Allahın adıyla, kasıb-kusuba payladım ki, Uca Allahın hüzurunda dayananda bu, köməyimə gəlsin.»
Dördüncü: mən gördüm ki, bəzi adamlar belə hesab edirlər ki, onların qəbiləsi, yaxud nəsli, adlarına şərəf gətirir və bununla çox qürurlanırlar. Digərləri düşünür ki, bu şərəfi onlara, mal-dövlət və övlad bolluğu gətirir və bununla fəxr edirlər. Bəziləri elə bilir ki, yüksəu nüfuz və şərəf sahibi olmağın yolu, insanların əlindən, olan-qalanını almaq, onlarla ədalətsiz rəftar etmək, qan tökməkdi. Bir qisim adam isə belə hesab edir ki, insana, varını xərcləyib yelə vermək şərəf gətirir və sairə. Və mən Uca Tanrının: «Aranızda ən şərəflisi – Allahdan qorxanıdı...» (49:13) - sözünü yaddaşımda qoruyub saxladım və Allahdan qorxmaq yolunu seçdim, Quranın əsil həqiqət olduğuna inandım. Qalanlarının, fikirləşib, ehtimal edib, qənaətə gəldiklərini isə, puç əfsanədən savayı ayrı bir şey olmadığını anladım.
Beşinci: mən gördüm ki, insanlar bir-birinin ardınca danışır, qeybət qırırlar və anladım ki, onlar bir-birlərinə, var-dövlətə, mövqeyə və biliyə görə paxıllıq edirlər. Odu ki, Uca Tanrının: «Onların, bu dünyanın həyatı üçün yaşamaq imkanlarını Biz müəyyənləşdirdik» (43:32) kəlamını diqqətlə oxudum və anladım ki, Uca Allah, hər bir şeyi, hələ əzəli Əbədilikdə, ruhları yaradanacan müəyyənləşdirib və Uca Allahın mənim üçün müəyyən etdiyindən məmnun olub, daha heç kimə paxıllıq etmədim.
Altıncı: mən gördüm ki, insanlar bir-birləri ilə, hansı səbəbdənsə, ya nəyin üstündsə mübarizə aparırlar və mən, Uca Allahın bu kəlamını da diqqətlə oxudum: «Həqiqətən, sizə düşmən olan – İblisdi. Odu ki, tək bir ona düşmən kimi yanaşın.» (35:6) və anladım ki, İblisdən savayı heç kimlə düşmən olmaq olmaz.
Yeddinci: mən gördüm ki, hər kəs yaşamaqdan ötrü lazımi vəsait və yemək əldə etməyə çalışır və bu yolda, əvvəl-axır, şübhəli, yaxud haram əməlin felinə düşür, özünü biabır edir, ləyaqətini alçaldır və mən, Böyük Haqqın bu kəlamını diqqətlə oxudum: «Yer üzündə elə bir canlı məxluq yoxdu ki, Allah onu qida ilə təmin etməsin.» (11:6) və anladım ki, məni yedirdən Allahdı və bu məsuliyyəti O, öz üzərinə götürüb. Odu ki, tək bir Ona sitayiş eləməyə başladım və Ondan savayı kiməsə, nəyəsə arxalanmağı, nə isə arzulamağı tərgitdim.
Səkkizinci fayda: mən gördüm ki, bütün insanlar, sonradan düzəldilmiş nələrəsə arxalanır: bəziləri, dinarla dirhəmə, bəziləri, mal-dövlətinə, əmlakına, kimsə öz peşəsinə, sənətinə, kimsə özü kimi bir varlığa. Onda mən, Böyük Haqqın bu kəlamını da diqqətdə oxudum: «Allaha arxalanana, tək bir O bəsdi. Allah, öz işini axıracan aparır. O, hər şey üçün, onun öz ölçüsünü müəyyənləşdirib». (65:3) Və mən, Allaha tanındım, mənə, tək bir O kifayət oldu.
Bundan sonra Şakir dedi: «Allah köməyin olsun. Həqiqətən, mən Tövratı, Bibliyanı, İncili və Quranı oxumuşam. Bu dörd kitab da, həmin o səkkiz faydaya əsaslanır. Və kim ki, bu səkkiz faydaya uyğun hərəkət edir, bu dörd kitabda deyilənləri yerinə yetirir».
Oğul, bu iki əhvalatdan aydın oldu ki, sənin, çox biliyə ehtiyacın yoxdu. İndi isə sənə izah edim ki, haqq yolu ilə gedənə nə lazımdı.
Bil ki, yolçunun, ilk növbədə, Şeyxə – öz tərbiyəsi ilə onu naqis xasiyyətlərdən uzaqlaşdırılan, onların əvəzinə, faydalı keyfiyyətlər əldə etməyə sövq edən mürşüdə ehtiyacı var.
Bu tərbiyə, mənasına və əhəmiyyətinə görə, əkdiyi əkini, yan-yörəsində bitən alaqdan, kol-kosdan təmizləyib, onun münbit bar verməsinə, çiçəklənməsinə çalışan kəndlinin əməyinə bənzəyər.
Yolçunun Şeyxə ehtiyacı var ki, o, onu tərbiyə etsin və Uca Tanrının yolu ilə aparsın. O səbəbdən ki, Allah, haqq yolunu göstərməkdən ötrü, bəndəsinə öz rəsulunu göndərdi. Özü (Allah onu şad eləsin) gedəndən sonra isə o, Uca Allaha aparan yolu göstərmək üçün Öz yerində Canişinini qoydu. Allahın rəsulunu əvəz edən Şeyx-alim olmalıdı. Amma onu da bil ki, hər alimdən də canişin çıxmaz.
İndi mən sənə, Şeyx ola bilən kəsin bir neçə ümumi əlamətlərindən danışacağam ki, hər kəs özünü mürşid hesab eləməsin.
Biz deyirik: bu, o kəsdi ki, yer həyatına bağlılığı, yüksək mövqeyini bir kənara qoyub, bilən kəsin, silsilə ardıcıllığı ilə ötürülmüş Şeyxinin ardınca gedir. Bu ruhi bağlılığın bir ucu, cənab rəsulacan (Allah onu şad eləsin) davam etdirilir və bu kəs daim öz üzərində, yeməyinin, yuxusunun və danışığının azaldılması, duaların, fitrələrin, orucunun artırılmasına işləyir. Həmin o həqiqi Şeyxinin ardınca gedərək, o, özündə, səbr, dua, şükranlıq, ümid, əsaslı bilik, zahidlik, ruh sabitliyi, xeyirxahlıq, ölçü sərhəddi və başqa keyfiyyətləri aşılayır. Və əgər o, Peyğəmbərin (Allah onu şad eləsin) işığıyla işıqlandırılıbsa, bu halda onun ardınca getmək olar. Lakin bil: belə insan nadirdir. Ona qırmızı kükürddən də nadir hallarda rast gəlinər. O kəsə ki, bu xoşbəxtlik üz verər və o, belə bir Şeyxi tapar, ona, həm zahirən, həm də daxilən dərin hörmət bəsləməsi vacibdi. Zahirən hörmət bəsləmək o deməkdi ki, əgər o kəs dəqiq bilsə də ki, Şeyxi səhvə yol verir, onunla hər məsələdən ötrü mübahisəyə girişməsin, öz xəlçəsini, namaz vaxtından savayı, onun qarşısında sərməsin, namazı bitirən kimi, xəlçəsini də tezcə yığışdırsın. Bilməlidi ki, Şeyxinin hüzurunda artıq bir hərəkətə yol vermək olmaz. Və o, öz qüvvəsi və imkanı daxilində, Şeyxinin, ona dediklərinə əməl eləməlidir.
Daxili hörmət isə o deməkdi ki, gərək o, Şeyxindən eşidib qəbul etdiklərini, nə qəlbində, nə hərəkətlərində, nə də sözlərində inkar etməsin, yoxsa ikiüzlülük qazanacaq. Əgər o, bunu edə bilmirsə, yaxşısı budu, Şeyxdən uzaqlaşana qədər, daxili aləmini, zahirinə uyğunlaşdırsın. O, pis adamlarla ünsiyyətdə olmaqdan çəkinməlidi ki, iblislərin, cinlərin və qəlbinə hakim kəsilən insanların, onun üzərində hökmranlığını zəiflədə bilsin, şeytanların çirkabından təmizlənib kasıblığı, dövlətlilikdən üstün tutmağı bacarsın.
Onu da bil ki, təsəvvüfün (sufiliyin) iki əsası var: Uca Allahla düzgün əlaqə və Haqq yolunda istiqamə1, dözümlülük və insanlarla səbrli davranma.
Və o kəs ki, Allaha qarşı (O Qüdrətli və Böyükdür!) özünü düzgün aparır və insanlarla düzgün rəftar edir, onlara xeyirxahlıqla yanaşır, o, sufidir. İstiqamə isə Uca Allahın buyruğunun öz maraqlarından üstün tutulması deməkdir. İnsanlarla yaxşı rəftar isə – insanları, öz nəfsinin arzuladığını eləməyə məcbur etməmək, insanların (o vaxta qədər ki, bu, şəriətə zidd deyil) arzularına uyğun hərəkət etmək deməkdir.
Bir də sən məndən, pərəstiş barədə soruşdun. Bunun özü də, özündə üç məqamı birləşdirir:
birinci – şəriətin buyurduğuna əməl etmək;
ikinci – Uca Allahın dəyişilməz əmri ilə qane olmaq;
üçüncü – Allahın məmnunluğu naminə öz şəxsi məmnunluğundan imtina etmək.
Sən məndən, mərhəmət barədə soruşdun: bu, o deməkdi ki, sən, Uca Allahın verdiyi Sözə inanırsan ki, alnına yazılan, mütləq baş verəcək, hətta Yer üzünün insanları bir yerə yığışıb hamılıqla buna mane olmağa çalışsalar belə. Və o şey ki, sənin alnına yazılmayıb, o heç vaxt baş verməyəcək, əgər bütün dünya ayağa qalxsa ki,o, baş versin.
Sən, məndən səmimiyyət barədə də soruşdun. Bu, o deməkdi ki, sən, gördüyün hər bir işi ürəkdən, Uca Allahın adıyla eləyəsən və qəlbin, insanlar tərəfdən nə sevinir, nə də kədərlənir. Və bil ki, lovğalıq, insanları bütləşdirməkdən, onlara yüksək qiymət verməkdən irəli gəlir. Sən, bu axmaq xasiyyətindən, insanlara, İlahinin Hökmünə tabe olan bəndələr kimi baxmaqla xilas ola bilsən, onları, nə sevincin, nə də kədərin səbəbi ola bilməyəcək cisim hesab edəcəksən və onların qarşısında öyünüb özünü göstərməkdən səni bu, xilas edəcək.
Yox, əgər sən düşünürsən ki, onlar müstəqil və qüdrətlidirlər, onda özünü onlara göstərməkdən xilas ola bilməyəcəksən.
Oğul, sənin, bəzi suallarına isə, mən, öz əsərlərimdə cavab vermişəm, o cavabları orda axtar, bəzi suallarına cavab vermək isə, günahdı. Sənə məlum olanlara əməl elə və sən, sənə məlum olmayanlardan da agah olacaqsan.
Oğul, anlamadıqlarının cavabını yalnız qəlbinin dili ilə soruş. Axı Uca Allah belə deyib: «Əgər onlar, Sənin onlara görünməyini gözləyib səbr etsəydilər, onların özləri üçün yaxşı olardı». (49:5) Və Əl-Hizrin (Allah ona rəhmət eləsin) bu vəsiyyətindən nəticə çıxar: «Məndən, heç nə barədə soruşma, vaxtı yetişəndə, o haqda özüm səni agah edəcəyəm». (18:70) Və onun (agah olunacağın) vaxtı gəlib çatmayınca, tələsmə. Onda (O Özü) sənə açılacaq və sən onu görəcəksən. «Mən sizlərə, Öz Əlamətlərimi göstərəcəyəm, odu ki, məni tələsdirməyin». (21:37) Odu ki, vaxtı çatmayınca, Onu məndən soruşma və bil ki, sən, cavabları yalnız o halda tapacaqsan ki, bir yerdə dayanıb durmayacaqsan. Axı Uca Tanrı: «Məgər onlar Yer üzüylə səyahət etməyiblərmi və görməyiblərmi?» (35:44) – deyib.
Oğul, səndən, Allahın adı ilə xahiş edirəm, səyahət elə və sən çoxlu möcüzə görəcəksən. Ruhunu qurban ver və Zünnum Əl-Misri (Allah ona rəhmət eləsin) öz şagirdlərindən birinə demişkən: «Əgər sən ruhunu qurban vermək halındasansa, buyur, əgər yox, onda sufilərin məşğuliyyəti ilə məşğul olma».
Oğul, indi mən sənə, səkkiz hərəkətə əməl etməyi məsləhət görürəm, onları məndən qəbul et ki, əldə etdiyin biliklər, Qiyamət günü sənin düşməninə çevrilməsinlər. Onlardan dördünə əməl et, qalan dördünü bir kənara qoy.
Kənara qoyacaqların:
Birinci: imkanın daxilində, heç kimlə heç bir məsələ barədə mübahisə eləmə. O səbəbdən ki, bir çox bəlaların səbəbi mübahisədən yaranır və bunun zərəri xeyrindən çoxdur. O səbəbdən ki, bütün səhvlərin – lovğalığın, paxıllığın, özünəbədgümanlığın, ədavətin, düşmənçiliyin və sairənin təməli bundan yaranır. Bəli, əgər sənin kiminləsə, yaxud bir dəstə adamla mübahisən yaranıbsa və əgər sən, qalib gəlmək, həqiqətin zəfər çalmağını, istəyirsənsə, mübahisə etmək olar, lakin bu istəyin də, iki əlaməti var. Birincisi, odu ki, sənin üçün, mübahisənin təklikdə aparılması, cəmiyyət arasında aparılmasından üstün olsun.
Qulaq as, sənə bir faydalı məsləhət də verim. Bil ki, mübahisəni yaradan səbəb, əslində, qəlb xəstəliyidir, ona cavab – müalicənin başlanğıcıdır. Və bil ki, qanmazların qəlbi, müxtəlif növ xəstəliklərdən zədəlidi. Alim-həkimlər və biliyi yetərincə bu adamların xəstəliyini müalicə edə bilmirlər. Bir də, biliyi kifayət qədər olan alim də, bütün xəstəlikləri sağaltmaqda acizdi. o, müalicəyə gələni və düzələ biləni müalicə edə bilir, lakin, əgər xəstəlik dərinə işləyibsə, bu halda, həkimin ustalığı, bu xəstəliyin sağalmaz olduğunu və ondan xilas olmaq səylərinin mənasız olduğunu xəstəyə acıqlanmasıdı.
Bunu da bil ki, cahillik xəstəliyinin dörd növü olur: onlardan yalnız birini sağaltmaq mümkündü, qalanını yox. Müalicəyə gəlməyənlərdən biri odu ki, insan, suallarını verir, paxıllıq və ədavətindən, alınan cavabları inkar edir. Cavablar dolğun və tutarlı olduqca, aydın və səlist ifadə edildikcə, onun nifrəti, ədavəti və paxıllığı bir o qədər güclənir. Yaxşısı budu ki, beləsinə cavab verməyəsən. Axı deyilib ki: «Nifrətin və düşmənçiliyin bütün növlərindən xilas olmaq olar, bircə paxıllıqdan aparılan düşmənçilikdən savayı».
Belə insandan uzaq gəz və onu, öz xəstəliyinin öhdəsinə burax. Uca Allah deyib: «Bizim Xatırlatmalardan üz çevirənlərdən və bu dünyanın həyatından savayı, heç nə diləməyənlərdən üz çevir». (53:29) Paxıl insan, bütün sözləri və əməlləri ilə, öz əməl ağacında öz alovunu qalayar. Və Peyğəmbər (Allah onu şad eləsin) deyib: «Paxıllıq, xeyirxah əməlləri, alov, quru ağacı odlayan tək əridər».
İkinci: əgər kiminsə qəlb xəstəliyinin səbəbi, axmaqlıqdırsa, bunu da sağaltmaq mümkün olmaz. İsa (Allah ona rəhmət eləsin) demişkən: «Mən həqiqətən, ölüləri dirildə bildim, səfehləri isə müalicə edə bilməzdim». Kimsə, qısa müddət elmlə məşğul olub, ilahiyyat elmlərindən və şəriətdən nə isə öyrənər, sonra suallarını verib, öz səfehliyi ilə, bütün ömrünü ilahiyyatı və şəriəti tədqiq etməyə həsr etmiş böyük bir alimin dediklərini inkar edər. Bu səfeh heç nə bilməz və düşünər ki, qavranılması onun üçün çətin olan, böyük alim üçün də çətindi. Beləsinə cavab verməyə dəyməz.
Və üçüncü, əgər o, anlaya bilmədiyi böyük kəlamlara açar istəyirsə, bunu da o, özü üçün hər hansı bir fayda götürməkdən ötrü soruşar. Lakin, bununla belə, o ağılsızdır axı və eşidəcəyinin mahiyyətini anlamaq iqtidarında deyil. Belələrinə də cavab verməyə dəyməz. Allahın rəsulu (Allah onu şad eləsin) demişkən: «Biz peyğəmbərlərə buyrulub ki, insanlarla, onların qavrama dərəcələrinə görə rəftar edək.»
Bu sayaq xəstəliklərin müalicəyə gələni o növüdür ki, insan özü ağıllı və anlayandır, məsləhət istəyir, paxıllıq, qəzəb, yüksək mövqey, var-dövlət, onu yolundan azdırmır. Əgər o, haqq yolu ilə getmək istəyirsə, paxıllıq, yaxud səni, sınamaq məqsədi ilə sual verib, aldığı cavabları inkar etmirsə, deməli, bu, sağalan xəstəliklərdəndi. Beləsinə cavab verə bilərsən. Hətta bunu eləməyə borclusan.
Və ikinci imtina eləməli olduğun məqam: sən, müəllim, yaxud moizəçi olmaqdan çəkinməlisən, çünki, əgər dediklərinə əvvəl özün əməl edib, insanları bu işə sonra çağırmasan, bu, sənin başına çoxlu bəlalar gətirəcək.
Gör ki, İsaya, (Allah ona rəhmət eləsin) nə deyilib: «Məryəmin oğlu, əvvəl özünü agah et, sonra insanları agah et. Yox əgər bunu edə bilmirsənsə, öz Allahından utan». Sənə belə bir sınaq nəsib olarsa, onda iki şeydən çəkin:
Birincisi: nitqində sünilikdən və artıq sözlərdən. Bu, hansısa əsərlərdən gətirilən cümlələrə, sətirlərə, şerlərdən gətirilən misallara da aiddi. Çünki Uca Allah, saxtalığı və riyanı sevməz. Riyakarlar isə o kəslərdir ki, bütün həddləri aşarlar ki, bu da onların daxili pozğunluğundan və qəlblərindəki laqeydlikdən xəbər verər. Bəndəyə verilən öyüd, ona, Axirət Odunu Yaradana xidmətdə zəiflik göstərdiyini xatırlatmaqdı, onu, Axirətdə, ona heç cür kömək edə bilməyəcəyi əməllərə sərf etdiyi keçmiş həyatı barədə, xəstəlik və inam zəifliyi kimi maneələrlə qarşılaşacağı barədə düşünməyə sövq etmək, onu, Ölüm mələyinin qucağında olacağı halı barədə düşünməyə vadar etmək, onun, Münkarla Nakirin suallarına cavab verə bilib-bilməyəcəyinin, Qiyamət günü halının necə olacağının fikrini çəkməyə, Sirat körpüsündən uğurla keçib-gedə biləcəyi, yaxud sonsuzluğa yıxılacağı barədə düşünməyə çağırışdı. Bu deyilənlərin əksi mütləq onun qəlbinə hakim kəsiləcək. Xatırlatma da elə bu deməkdi: deyilən alovların şahə qalxması, gözlənilən bəlaların yada salınması.
Və ikinci: moizələr vaxtı sən gücünü ona sərf edirdin ki, məclislərində iştirak edən insanlar, sənə qulaq asdıqca, müəyyən səslər çıxara-çıxara, sənə dərin sevgilərini izhar etsinlər, əyinlərindəki paltarlarını cırıb töksünlər ki, baxan desin: «Bu nə gözəl məclis idi!» Bütün bunlar, Yer həyatına bağlılıqdı və bu, diqqətsizlikdən irəli gəlir. Lakin, sənin səyin və ehtirasın insanları, Yer həyatından imtina etməyə, Axirət həyatına meyillənməyə, günahdan itaətə, tamahkarlıqdan zahidliyə, simiclikdən səxavətə, şübhələrdən inama, qürurdan əxlaqa çağırmağa yönəltməlidi ki, onları yuxudan ayıldasan. Onları, Axirət həyatını sevməyə, qəlblərindən, yer həyatına olan sevgini qovmağa çağırmaq, itaət və zahidlik elminə yiyələndirmək lazımdı. Lakin, onları Uca Allahın (O Qüdrətli və Böyükdü) Səxavəti və Onun Mərhəməti ilə şirnikləndirmək lazım deyil. O səbədən ki, insanlar, öz təbətləri etibarı ilə şəriət yolundan çıxmağa, Uca Allahın razı qalmadığı işlərə uyub naqis keyfiyyətlər qazanmağa meyllidirlər. Onların qəlbinə qorxu toxumu səp ki, ayılsınlar, qorxut ki, onları gözləyən təhlükələr barədə xəbərdar olsunlar. Bəlkə bu qorxu onları, daxildən və zahirdən dəyişə, günahlardan yayındırıb itaət etməyə məcbur edə. Moizənin və öyüdün yolu budu.
Və kənara qoymalı olacağın işlərdən üçüncüsü – hökmdarlarla və sultanlarla münasibət saxlama.
Sən, onları görməməlisən, o səbəbdən ki, onları görmək, onlarla münasibət – böyük bəladı və əgər bəxtinə belə bir sınaq düşübsə, onda onları tərifləyib göylərə qaldırma. Çünki Uca Allah, naqis və ədalətsiz insanı tərifləyəni sevməz. Və əgər insan, hökmdarın ömrünün uzanması barədə dua edərsə, demək o, hökmdarın, Allaha, onun, Yer üzünü Yaradana tabe olmamasını arzulayar.
Və kənara qoymalı olacağın işlərdən dördüncüsü: sən hökümdardan xələt, yaxud bəxşeyişlər qəbul etməməlisən. Hətta bu bəxşeyişlər qanun çərçivəsində verilsə belə. Belə bəxşeyişlərə meyllilik, inama zərər gətirər. O səbəbdən ki, bu təltiflər, yaltaqlığa, hökümdarların rəyi ilə hesablaşmağa və onların, insanlarla ədalətsiz rəftarına razılığa gətirib çıxarar. Bütün bunlar inama xələl gətirər və bundan da az olmayan zərəri, onların verdiyi bəxşeyişləri qəbul edib, imkanlardan istifadə edib, onları sevməyə başlamağın yaradar. Kimsə kimisə sevərsə, ona uzun ömür arzulayar. Ədalətsiz olana uzun ömür arzulamaq isə, Uca Allahın bəndələrinə ədalətsiz münasibət arzulamaq – dünyanın məhvini arzulamaq deməkdi. İnam və Axirət üçün bundan pis nə ola bilər? Yaxşı olardı ki, sən, onlardan o, dinarları və dirhəmləri qəbul edib sonra o pulu kasıblara, bədbəxtlərə paylayasan ki, «onlar pulları günah işlərə və əxlaqsız əməllərə xərcləyirlər» – deyən yalanlardan, İblisin fitvalarından, yaxud bəzi bədxahların şərindən çəkinə biləsən. Lənətəgəlmiş şeytan bu minvalla çox adamlar məhv edib, bu barədə biz «İnam barədə elmlərin yaradılması»-nda demişik, bu barədə orda oxu.

Mütləq etməli olduğun dörd əməl barədə:

Birinci: özünü, Uca Allaha qarşı, qulun özünü sənə qarşı apardığı kimi, ondan razı qalacağın, hərəkətlərindən inciyib əsəbiləşməyəcəyin təqdirdə aparacağı kimi apar. Sənin həqiqi Sahibin – Uca Allahdı.
İkinci: insanların sənə qarşı hansı münasibətdə olduğunu istəyirsənsə, onlarla elə davran. Çünki insanın inamı (imanı) yalnız o vaxt kamil olur ki, o, başqalarına da, özünə arzuladığını arzulayır.
Üçüncü: əgər sən, hansısa elmləri öyrənib, hansı bilikləri isə əldə edirsənsə, onlar, sənin qəlbini cilalamalı, ruhunu saflaşdırmalıdırlar. Məsələn, əgər xəbər tutsan ki, bir həftəlik ömrün qalıb, belə olan halda halda sən, heç vaxt, fikhi, yaxud, onun əsaslarını, ilahiyyatçılığı, yaxud daha hansısa elmi mənisəməklə o səbəbdən məşğul olmayacaqsan, anlayacaqsan ki, bu halında bu elmlərin heç biri sənə kömək olmayacaq. Onda sən, səni Yer həyatı ilə bağlayan hər bir şeydən kənarlaşıb, öz ruhunun tədqiqi ilə məşğul olacaqsan, onun xüsusiyyətlərini təhlil edəcəksən, özünü, ruhunun alçaq xislətlərindən təmizləməyə, Uca Allahın sevgisinə qovuşdurmağa, Ona həsr etməyə çalışacaqsan və elə bir gecə, ya gündüz yoxdu ki, o, bəndəyə, onun ölümünü gətirməsin.
Oğul, mənim sözlərimə diqqətlə qulaq as, xilas yolunu tapmayınca, dinlə məni: əgər sənə desələr ki, bir həftədən sonra, sənin yanına sultan təşrif buyuracaq, mən bilirəm ki, bu vaxt sən, bütün işlərini bir kənara qoyub, sultanın necə təşrif buyuracağı barədə, məsələn, onun görüşünə çıxacağın məqam geyəcəyin paltar haqqında, bədəninin təmizliyi barədə, evin, yorğan-döşəyin və sairə barədə düşünüb-daşınacaqsan. İndi deyəcəyim haqqında yaxşı düşün. Mən bilirəm, indi deyəcəyimi başa düşəcəksən, anlayacaqsan. Axı arif olan kəsə, bircə söz də kifayətdi. Allahın Rəsulu (Allah onu şad eləsin) deyib: «Həqiqətən də, Allah, sizlərin zahiri görünüşünə, əməllərinə baxmır, O, sizin qəlblərinizə və niyyətlərinizə nəzər salır...»
Əgər sən, qəlb haqqında daha ətraflı bilmək istəyirsənsə, «İnam haqqında elmlərin yaranması»na və mənim digər əsərlərimə bax. Bunu bilmək hamıya vacibdir.
Və dördüncü: Yer dünyasının nemətlərindən səndə o qədər olmalıdı ki, o olan, sənin bir ilinə çatsın. Allahın Rəsulu (Allah onu şad eləsin) belə edərdi. O öz hücrələri1 üçün bu qədər ehtiyat görərdi və deyərdi: «Ay Allah, Məhəmmədin ailəsini, ona kifayət edən ruzu ilə təmin elə». Lakin, o, bu ehtiyatı, bütün hücrələri üçün eləməzdi, bunu o, o arvadları üçün edərdi ki, hansıların ki, qəlbində qorxu duyardu. O arvadlarının ki, inamından şübhələnməzdi, onlar üçün bir, ya iki günə kifayət edəcək ehtiyat görərdi.»
Oğul, burda mən, sənin məndən soruşduqlarını yazmışam və sən bunlara əməl eləməlisən, məni yaddan çıxarmamaq şərti ilə. Məni isə öz dualarınla xatırla.
O ki qaldı, məndən xahiş elədiyin duaya, onu, əsil dualarda – Peyğəmbərdən (Allah onu şad eləsin) qalan dualarda axtar və bu duaları həmişə oxu. Ələlxüsus namazdan sonra.
«Ay Allah, mənə, nemətlərinin ən kamilini nəsib elə. Himayədarlığının davamlılığını, Mərhəmətinin hüdudsuzluğunu, uğuru, dinc və əmin həyatı və ən böyük mükafatını – mənə məmnunluq və təskinlik gətirən Rəhmini diləyirəm.
Ay Allah, bizimlə ol, bizə qarşı olma.
Ay Allah, həyatımızı xoşbəxtliklə sona yetir, arzularımızın çoxunu həyata keçir. Elə et ki, yolumuz uğurlu və axirətimiz rahat olsun. Bizi Öz Mərhəmətinə qovuşdur və günahlarımızın üstünə ÖZ ƏHV bolluğunu çilə. Bizi, səhvlərdən xilasla mükafatlandır, ləyaqəti ehtiyatımıza çevir. Biz, yalnız Sənə arxalanırıq.
Ay Allah, bizi Haqq yolunda mətinləd, günahlarımızın iztirabını yüngülləşdir. Bizlərə, ədəblilərin həyatını bəxş elə və bu dünyada (O dünyada da) kədərləndiklərimizdən və kədərlənəcəklərimizdən qoru bizi. Pis adamların şərindən, naqislərin yalanından qoru və xilas elə. Atalarımızı, analanımızı, bacı və qardaşlarımızı Alovdan qoru. Sənin Mərhəmətinlə, Səndən diləyirik, ey Qüdrətli, ey Rəhmli, ey Səxavətli, ey gecəni və gündüzü Yaradan, bizi, yer həyatının acı qüssəsindən qurtar, qəbir əzablarından və Cəhənnəmdən qoru. Ey Müdrik, ey Əzəmətli!.. Ay Allah, ay Allah… ay Allah...
Sənin Rəhminlə, Sənə yalvarıram, ey mərhəmətlilərin Ən Mərhəmətlisi, birincilərin Birincisi, axırıncıların Axırıncısı! Ey Qüdrətlər Sahibi, Qüvvət sahibi! Ey Bədbəxtlərə Rəhmli, rəhmdillərin ən Rəhmdili, Səndən savayı Allah yoxdur! Sən Safsan!
Həqiqətən, mən, qanun pozanlardan biri olmuşam...»
Allah, bizim sahibimiz Məhəmmədə, onun ailəsinə və bütün davamçıdarına yar olsun! Allaha, Dünyalar Sahibinə eşqlə!..




A.Məsud

1 комментарий:

  1. Afaq xanımın tərcümələri ilə tanış oldum. Bu cür dəyərli əsərləri Azərbaycan oxucusuna çatdırdığına və bu işdə sərf etdiyi zəhmətə görə ona dərin təşəkkürlərimi bildirirəm!

    ОтветитьУдалить