Y.Səmədoğlu «Qətl günü» romanının epiqrafı.
«Qətl günü»nün epiqrafındakı bu qısa və qorxulu dialoqu nə vaxtsa, necəsə eşidən «xəstə» şübhəsiz ki bizim mehriban, gülərüz, həyatsevər qələm dostumuz Yusif Səmədoğlunun özü idi. Ömrünün müxtəlif döngələrində sirli, gizli bir qorxuyla dönə-dönə eşitdiyi bu dialoqu “naməlum xəstənin qulağına gələn səs” kimi qələmə almış Yusifin xəstəliyi dünənin, bu günün xəstəliyi, bədənini üzüb əldən salan adi fizioloji xəstəlik deyildi. Yusifin xəstəliyi, bu dünyaya gəlib-gedən neçə-neçə həssas duyğulu, dərin düşüncə və istedad sahibi olan bir sıra böyük insanların tutulduğu çarəsiz bir azar - anlamaq azarı idi…
Yazıya simicliyi də, daim özünəqapılma əhvalında olması da, insanlarla münasibətindəki dahiyanə gizli istehzası da, ilin əksər hissəsi vətənindən kənarlara can atması da, Yusifin bu çarəsiz azarının simptomları idi…
Böyük italyan aktyoru mərhum Marçello Mastroyanini əvvəllər də, indi də görəndə həmişə Yusifi xatırlayıram. Məncə çox oxşar fərdlərdir. Hər ikisinin - cəmiyyətin yöndəmsiz, kobud qanunları qarşısında qəribə, uşaqsayağı gücsüzlüyü, bu qanunlara tab gətirməkdən ötrü özlərinə geyim əvəzi seçdikləri sinik obrazı, bu səbəbdən, daim qəribə situassialara düşmələri, özlərinə və ətrafına inamsızdıq, qorxu və şübhələr bulanan gözlərinin tam əksinə olan bir hava - öz ətrafında məhrəmlik və rəhm dolu ilıq, doğma mühit yaratmaq istedadı…
Yusif bizim mövcudluq barədə, dünyanın digər görünməz qatları barədə də sözsüz ki, nələrsə bilirdi. Çox güman ki, bildiklərinin hamısından bəlkə özü də tam xəbərdar deyildi. Bir də bu dünyadan duyduqlarını, duyub anladıqlarını xırdalayıb ayırd eləməyə Yusifin vaxtı yox idi… bir az da həvəsi. Sözsüz ki, Yusif həmin o duyub anladıqlarının cuzi hissəsini yazdı, qalanını isə susdu.
«Sözün düzünü deyib həbsxanalarda çürüməkdənsə, susub azadlıqda yaşamaq yaxşıdı…» Yusif Səmədoğlu belə deyirdi.
Hansı sözün düzünü?.. Millətin ağır güzəranı barədə deyəcəyi sözü, yoxsa Milli Məclisin qırmızı zalında, zəif neon işıqlı yuxarı mərtəbələrində?.. Yoxsa, digər bu kimi, içi qırmızı, üstü boz binalarda baş verənlər barədə susmağı üstün tuturdu Yusif?..
Ya bəlkə daha böyük mətləblər vardı və Yusif məhz o barədə susmağı üstün tuturdu?..
Həyatın mənasızlığı və puçluğu barədə… Yüksək idealların və mənəviyyatın, ali fikirlərin və külli miqdarda həqiqətlərin son nəticədə lüzumsuzluğu barədə… və bütün bu lüzumsuzluqdan kənarda yaşanan asan həyat yolunun ağır nəticələri barədə.
Комментариев нет:
Отправить комментарий