Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

23 Октябрь 2007 г.

NATİQ SƏFƏROVA MƏKTUBLAR


Əzizim Natiq!

Bu məktubu sənə, yeni il ərəfəsi, soyuq küləkli sübh çağının ala - toranlığında, heç vaxt qızdırıcı ilə isitmədiyimdən, gün ərzində morqun temperaturunu qoruyub saxlayan, soyuqluğu və sakitliyi ilə əfsanəvi qraf Drakulanın qorxunc sarayını andıran yataq otağımdan, bu otağın yeganə isti guşəsindən - çarpayımdan yazıram.
Bilmirəm, demişdim sənə, ya yox, bu evdə mən niyəsə yalnız bu çarpayıda - balışa, yarıoturaq söykənən vəziyyətdə yazıram. Bilmirəm, ona görə ki, yalnız bu çarpayıda özümü, evin istiqanlı sakinlərindən, bitib-tükənməz mənasız işlərindən qoruya bilirəm, ya, «ayaqlarımı yerdən üzən» bu mistik çarpayı həqiqətən burda məni, balaca, dördayaqlı ada kimi nələrdənsə xilas edir?!..
Əslində mən sənə tez-tez məktub yazmaq istəyirəm, amma bu, həmişə alınmır. Sənə yazmaq nisgili tərslikdən, məni ya yol getdiyim yerdə, ya adam arasında, ya da, işlərimin qızğın vaxtı, bir sözlə, əlimin qələmə çata bilmədiyi ən yöndəmsiz məqamlarda yaxalayır.
Yadındadı, Fistceraldın, Vulfun, Hemenqueyin3 məktublarını oxuduqca:
-Birimiz də uzaqda yaşamadıq ki, kefimizə düşəndə, bir-birimizlə məktublaşaq... - deyirdin?..
İndi sən uzaqlardasan... mən də sənə məktublar yazıram.
...Hər axşam işdən evə doğru, adamlar və maşınlar dolu basırıq küçələrlə addımladıqca, bu qorxunc adam qasırğasında boğulub ölməməkdən ötrü, şəhərin uzaq, dağüstü qaranlıqlarında, daim soyuq küləklərin oynadığı, növbənöv yağıntıların yuyub-islatdığı qəbrin barədə düşünürəm və anlayıram ki, sənə yazdığım məktubları mən həmin o qaranlıq, kimsəsiz sakitliyə, maşın və adam səslərinin eşidilmədiyi, heç kimin heç hara tələsmədiyi, sakitliyin də, küləyin də daim asta - asta, tələsmədən elə hey adama nə isə dediyi o çılpaq məzarlığa yox, harasa daha uzaqlara - alçaq, taxta çəpərli həyətləri, qırmızı, kirəmid damlı komaları, tək-tük ayaq izlərinin saldığı ensiz cığırları ilə ha yanasa Şimala doğru uzanan uzaq, qarlı rus kəndinə yola salıram...
...Bax, indi yenə məni ağlamaq tutur...
-...Əslində mən rusam, özü də beloqvardeyetsəm... - deyirdin, amma, Naxçıvanda doğulmuşdun. Bəs mən səni hardan tanıyırdım?.. Lap uşaqlıq illərindən... nə vaxtsa, necəsə birgə keçirdiyimiz iztirablar və doğmalıqlar dolu, o uzaq illərdən?.. Daim Andersenin yazı stolunun üstündəki qədim, büllur külqabının kənarında otura-otura fədakar Gerdanın halına ağlayan balaca Nağılçı olduğunu hardan bilirdim?..
...İndi də tez - tez səni ya televizorda, ya hardasa gördüyüm «sənəbənzər» adamlarla qarışıq salıram. Bu yaxınlarda... İndi bilirəm, oxuyan kimi, qahqanaq çəkib güləcəksən... ya da təsirlənib, bir-birinə yaxın oturan duruxmuş gözlərini üzümə zilləyəcəksən...
...Bu yaxınlarda, xınayı, kəsik saçları, girdə, ürkək gözləri ilə hansısa balaca, çöl quşunu andıran tanış bir qadınla söhbət etdiyim zaman, söhbətin şirin məqamı, qəfildən, qadının üzümə dikilən tanış baxışlarında, mənə, ya sənə aid olan nəyisə xatırladan üzündə, sənin, həmin o içi gizli incikliklər və sevgilər dolu girdə gözlərini, ucu, getdikcə aşağı burulan nazik, qıvrım (Ramiz demişkən, «kuçeryavı») burnunu gördüm... Qadının əlindən tutub:
- Natiq, bu, sənsən?.. - deyib, gözümə dolan yaşı axıtmaqdan özümü zorla saxladım...
...Bu dünya sirrlərlə doludu və nə yaxşı ki, bu sirlər bir ucdan «açıldıqca», onların müəmmalar və məxfiliklər dolu tükənməz qatlarının sonu olmadığını görürsən və dünyanın tək bir elə bu... doğulandan bura «görüb-tanıdığın» mənasız, məzmunsuz varolmalar məskəni, ən uzağı, Kainatın bir tərəfindən asılmış vəziyyətdə hey hansısa boşluqlara sarı üzən dəyirmi, çıxılmaz hava adası olmadığını anlayırsan.
...O gün Tehran4 gəlmişdi. Sənin bir vaxtlar özünəməxsus, kaloritli təsvirlərinlə danışdığın Şəms Təbrizi ilə Cəlaləddin Ruminin, bir vaxtlar yol ayrıcında baş tutan əlamətdar tarixi görüşündən - «İki dənizin görüşü»ndən bəhs edən həmin o kitabı gətirmişdi.
Mən, danışdığın o tarixi hadisədə, Şəmsi bihuş edib yerə yıxan qısa dialoqu unutmuşdum. Kitabı oxuyanda isə, orda məni bir məqam da - Radiy Fişin5 bu görüşdən aldığı təəsürat barədə qısa şərhi tutdu:
«...O dövrün insanları aşiq olduqda xəstələnər, sevgidən ölərdilər... Dərin fikirdən, yaxud dəqiq təsvirlərdən riqqətə gəlib ağlayar, heyrət dolu nalələr təpərdilər... »
...Bu bəndi oxuduqca gözümün qarşısına sənin Sözə, Fikrə, Duyğuya bənzərsiz reaksiyaların, danışdıqca, ya adamı dinlədikcə, doluxsunub aşiq nisgili ilə susmağın, ya körpə uşaq sadəlöhvlüyü ilə sevinməyin, ya da, əsəbiləşib balaca qladiatora dönməyin gəlirdi... Axı əslində sən elə Sözdə, Yazıda yaşayırdın... Səni, elə burda olanda da, sözdən, ya yazıdan savayı, başqa nə ilə təəccübləndirmək, ya sevindirmək olurdu ki?..
... O gün, çox sevdiyim mərhum bir yazıçının yığcam yubiley tədbirinə getmişdim. Deyəcəksən: «Səndən nə əcəb?!..»
Söz və sənət adamlarının yığışdığı bu yarıqaranlıq, xudmani zalda bütün axşamı niyəsə səni düşünürdüm. Axı sən belə tədbirlərə getmirdin. Mən də elə o barədə - ömrün boyu, əqidə və məslək baxımından əslində, guya sənə doğma olan bu adamlardan bu qədər uzaq qaçmağının səbəbi barədə düşünürdüm... Bilmirəm, zalın zəif işığından idi, ya o gecənin sıxıntı və təəssüf dolu atmosferindən idi, nə idisə, o axşam elə bil hamı, içi yosun, xırda və mənasız balıqlar dolu, bulanıq akvariumun içində idi... (Bax, indi dəqiq bilirəm ki, gülürsən.) Qəribədi ki, o gecədə iştirak edənlərin çoxu da, sonradan belə məlum oldu ki, niyəsə bir-birini görə bilməmişdi... Məsələn nə mən, nə də Ramiz6, sən demə, o gecə hardasa lap yaxınlığımızda əyləşən Vaqifi7, Vaqif də, niyəsə bizi görməmişdi. Eləcə də o birilər... Sözün əsil mənasında mistik atmosfer idi. Danışmaq üçün səhnəyə çıxanların ayaq səsləri eşidilmirdi... dəqiqədə bir, akvariumun dibinə yatan sürüşkən yosun bataqlığında sürüşən kimi, hardasa kimsə sürüşürdü...
O axşam, həmin o səssiz, ehmal tədbirdə mənə elə gəldi ki, ümumiyyətlə ədəbiyyat adamları, bu başıqarışıq, işgüzar şəhərdə elə bil doğrudan hansısa görünməz akvariumun içinə salınmış vəziyyətdədilər. Bilmirəm, bu, zamanın buyruğu ilə belə alınıb, yoxsa bu vurdu-vızanın, bu dəli entuziazmın içində daim sakit, qayğısız həyata alışmış bu tədbirli qələm əhli, öz rahatlığını, toxunmazlığını yalnız bu şəkildə qoruyub saxlaya bilir?..
Ümumiyyətlə, son vaxtlar ölkə həyatında gözə dəyən irəliləyişlər elə bil hansısa iblisanə məkrlə Ədəbiyyatın, mədəniyyətin məhvinə yönəldilib. Ölkənin yaşayış rifahı yüngülləşdikcə, dükan və restoranların, əcnəbi qürumların və maşınların sayı artıb çoxaldıqca, şəhər kanalizasiya sistemi abadlaşdırıldıqca, Ədəbiyyat, öz incə adamları ilə elə bil harasa kənara - girişi, çıxışı olmayan, gözdən-könüldən uzaq, qapalı bir əraziyə sıxışdırılır.
Hardasa hadisələrin altında, görünməz, iti sürətlə gedən bu prosesdən məni qorxu bürüyür... Belə getsə - hər şeydə birincilik qazanıb varlana-varlana, ədəbiyyatımızı, mədəniyyətimizi, iki sevgili, adam odlu səs-küylü stadionda bir-birini itirən təki itirəcəyik... Onda biz nəyə oxşayacağıq?.. Axı Mirzə Cəlildən, Haqverdiyevdən üzü bəri yazılanlardan və deyilənlərdən göründüyü kimi, onsuz da malgir, pulgir, tamahkar xislətli bizləri, Yer üzünün varlı, lakin mərifət mədəniyyəti olmadığından, toxluq və cahillik bolluğunda batıb gedən təminatlı xalqlarının fövqündə saxlayan ədəbiyyatsız, teatrsız daha nə ilə qorumaq olar?..
... «Ədəbiyyat» dedim, yadıma düşdü, sənə, son vaxtlar vaxtımı və həvəsimi ən çox xərclədiyim ecazkar sufi mətnlərindən demək istəyirdim... Bu tərcümələrə daxil olandan bəri, həyatımda o qədər mistik hadisələr baş verməyə başlayıb ki, danışsam, bəlkə də inanmayacaqsan. Ya da, bu barədə gələn dəfə... Məktub çox uzun alındı, sənin də ki, uzunçuluqla heç aran yoxdu.
Yeni ilini təbrik etmirəm, bilirəm ki, sağı-solu bilinməyən o balaca kənddə təqvim yoxdu. Təbrikin əvəzinə, sənə «İmperiya»mdan bir neçə duyğu göndərirəm.
Ramiz demişkən, mən də öz İmperiyamı qururam...

A.Məsud.