525-ci qəzet
«İzdiham» əsərinizi poema adlandırmısınız. Bu sürrealist əsərə yazdığınız müqəddimədə onu Azərbaycan mühitinə, psixologiyasına, mənəviyytına və ədəbiyyatına yad olan adlandırmısız. Bu, yad ədəbiyyatın təsirinin etirafıdır? Məsələn, Kafkanın «Çevrilmə» hekayəsindəki yuxudan qalxanda əcayib həşərata çevrilən Qoreqor Zamza ilə «İzdiham»dakı qıçları uzanıb düyün düşmüş qəhrəman bir-birinə oxşayır.
Bu cür oxşarlıqların təfərrüatına varsaq, dünya ədəbiyyatı tarixində bir-birinə oxşamayan, yaxud bir-birini hardasa, necəsə tamamlayan əsər tapmazsınız. Biz istənilən əsərdən seçdiyimiz ayrı-ayrı ifadələri, obraz və situasiyaları digərləriylə tutuşdursaq, görərik ki, çox şey bir-birinə oxşyaır və buna bir az da gendən baxsaq, görərik ki, əslidə həyatın özü də belədi. Nə isə nəyəsə, kimsə kiməsə oxşayır. Fikrimcə, belə oxşarlıqlarda məkrli, qəsdli nə isə axtarmaq düzgün deyil.
Yadımdadı, institutu yenicə bitirmişdim, iyirmi iki yaşım vardı, yenicə çapdan çıxmış «Bekar» hekayəsini Ramiz Rövşənə oxumağa verdim. Ramiz hekayəni oxuyub səhəri gün mənə qaytararkən: - «Alber Kamyunun «Postaronniy» əsərini oxumusan?» – dedi. Onda mən Alber Kamyunun adını ilk dəfə eşidirdim. Sonradan bu əsəri oxuyub heyrətə gəldim. Mən, 50-ci illərdə uzaq Əlcazairdə yaşayıb-yaradan fransız yazıçısı ilə müxtəlif dövrlərdə və ərazilərdə eyni bir adamın obrazını yazmışdıq. Mənim «Bekarım» hər bir cəhətdən – xarakteri, düşüncə tərzi, anaya və özünə münasibəti, həyat temperaturu, ədaları, hətta hərəkət plastikasıyla Kamyunun «Yad» - ıyla eyni adam idilər. Onların hər ikisi üçün, insanlığın burnunun ucundan yel kimi ötüb keçən həyat, hər dəqiqəsinin içində, bütöv bir ömür yaşamaq qabiliyyətinə malik olduqları ölçüsüz, nəhəng zaman kəsiyi idi. Fərq bircə bundaydı ki, Kamyu öz «Yad»-ının taleyini cəmiyyət çərçivəsində, daha qəddar reallıqla, məhkəmə hökmü ilə, mənsə «Bekar»ımın müqəddəratını, bir qədər humanist şəkildə - onun öz yatağında həll edirdim.
İndi də siz «İzdiham»-la, «Çevrilmə»də hansısa oxşarlıqlar tapırsınız. Mənsə bu əsərlərin, nə üslub, nə də mövzu baxımından bir-birinə yaxın olan məqamlarını belə görürəm. «Çevrilmə»-nin qəhrəmanı – insan olaraq şüursuz böcək həyatını sürən Qreqor Zamza, real yaşayış mühiti – ata-anası, bacısı, iş yeri, dəqiq ünvanlı evi olan real bir obrazdır. Burda Kafkanın ustalığı, böcəyə çevirdiyi bu adamın düşdüyü qəfil, mistik vəziyyətini, onun məişəti qədər adi və inandırıcı verə bilməsidir. Əslində Zamzanın faciəsi – günlərin bir günü, qəfildən, hərfi mənada nataraz həşərata çönməsi, dəqiqəbaşı otağa girənləri diksindirməsi, qorxunc görkəmi ilə evdəkilərə əngəl olması deyil. Zamzanın faciəsi – özü də bilmədən, damla-damla keçirdiyi həyatının – boz stansiya ilə, daha boz evi arasında keçən yeknəsəq ömrünün ondan, heç kimə lazım olmayan, əcayib varlıq yoğurub yapmasıdı. Əsərin adı da burdan gəlir. Burda «çevrilmə» Zamzanın vizual cəhətdən böcəyə çevrilməsi yox, yaşadığı cansız həyat tərzi ilə, ailədə tutduğu bivec mövqeyi ilə, əsil həyatın, hardansa yanından ötən, hər yerdə hamıya, necəsə mane olan durğun daxili aləmiylə əcayib həşərata çevrilməsi prosesidir.
Bu, sırf realist bir əsərdir. Burda hadisənin baş verdiyi məkan və zaman, obrazlar və sair realdır. «İzdiham»-da isə reallıqdan əlamət yoxdur. Başının kəsiləcəyini duyub qaz kimi çırpınaraq, o yan-bu yana qaçan balaca qız uşağının, nənəsinin əmri ilə tutulub tüklərinin yolunmasından tutmuş, sinəsindən, döş əvəzinə, quru əlcəklər asılan qadına kimi...
- «İzdiham» - dünya ədəbiyyatında analoqu olmayan əsərdir. Bu çılpaq, şüuraltı yaddaşın bədii ifadəsidir. Bu, əsər barədə ədəbiyyatın gözəl bilicisi Ramiz Rövşənin fikridir.
«İzdiham» kütləvi əsər deyil. Bu, mənim, düşünmədən yazdığım yeganə əsərimdir. Azərbaycanda bir çox peşəkar ədəbiyyatçılar bu əsəri yüksək qiymətləndirir, onu yaradıcılığımın zirvəsi hesab edirlər. Bu əsər 1994-cü ildə, Kafkanın dil vətəni olan Almaniyada da, Berlinin Mərkəzi Ədəbiyyat Evində də (bu qürum Almaniyanın Yazıçılar Birliyidir) böyük maraqla qarşılandı, əsərlə bağlı geniş müzakirələr, mənimlə müxtəlif səpkili görüşlər keçirildi. Dörd saatacan çəkən görüşlərin biri (orda Anar, Əkrəm Əylisli, Vaqif Səmədoğlu da iştirak edirdilər) məhz «İzdiham»-ın müzakirəsinə həsr edilmişdi. Kafka yaradıcılığına yaxşı bələd olan bu sərraf peşəkarlar auditoriyasında bu əsərlə bağlı Kafkanın adı xatırlanmadı.
«İzdiham»ın yazılma tarixçəsinin özü də qəribədir. Bu, mənim digər əsərlərimin yazılma tarixçəsindən çox-çox fərqli, qeyri-adi bir proses idi.
90-cı illərin əvvəlləri idi... Mən artıq Mərkəzdə işləyirdim. Yay olduğundan, əsasən bağda işləyirdim. Bu əsəri mən, heç nə fikirləşmədən, planlaşdırmadan, hansısa gizli ehtiyacımın diktəsiylə yazmağa başladım. Mən heç nə düşünmür, günün hansısa saatları nə isə yazmaq istədiyimi duyur, kağız-qələmi götürüb iş otağıma çəkilir, orda müəyyən saatlar yazır, sonra iş vaxtı başa çatmış dəzgah kimi, qələmi yerə qoyub ayağa qalxırdım. Onu hissə-hissə yazır, yazılanları işə gətirib Natiqə oxuyurdum. Natiq, oxuduğum hər yeni parçadan heyrətlənir, bu əsərin, nə isə ayrı, qeyri-ənənəvi ədəbiyyat olduğunu deyir, yazı üslubunun qəribəliyindən xüsusi zövq alırdı. Beləcə, bir neçə ay keçdi. Payızın son ları idi. Günlərin bir günü hiss elədim ki, daha dediyim o yazı siqnalı gləmir. Qəribədi ki, özü-özünə yazılmağa başlayan bu əsər, özü-özünə də dayanmışdı. Mən axşamlar iş otağıma çəkilir, orda «start» vəziyyətində oturub gözləyirdimsə də, əsərin ardı gəlmirdi. Beləcə mən bir neçə ay da gözləməli oldum. Əsərin ardını mənimlə bir gözləyən Natiq günlərin bir günü:
- Əsəri bir də, bütövlükdə oxumaq lazımdı. – dedi və əlyazmanı məndən alıb evə apardı.
Səhəri günü Natiqin xırda gözləri qəribə bir işıltıyl alışıb yanırdı. Qovluğu mənə uzadıb:
- Afka, əsər bitib ki?!.. – dedi.
Natiqin bu sözündən sonra əlyazmanın son səhifələrini bir də oxudum və anladım ki, əsər həqiqətən bitib. Özü də gözəl bir sonluqla. Roman boyu qorxunc həyat labirintlərindən, kin və qəddarlıq dolu cəmiyyət qasırğalarından keçən cavan qadın, sən demə, həm də hardansa bütün bu mənzərələrə tamaşa edirmiş… indi isə onu, bütün bu məşəqqətin bədnam yaradıcısı kimi, günahkar qismində mühakimə edirlər. Əsər boyu atasının tabutunu daşıya-daşıya, heç cür ünvanına aparıb çıxara bilməyən «izdihamçıların» bir neçəsi tamaşa zalında oturub qadının həddən ziyadə uzun qıçlarını, nazik boynunun əcayibliyni müzakirəyə çıxarırlar. Buna dözməyən qadın ayaqqabısının bir tayının çıxarıb bu balaca, qəddar adamlara tulazlayır... və adamlar, cansız domino daşları kimi bir-birinə dəyib yerə sərilirlər.
Bu sonluğu, mən yüz il fikirləşsəydim, tapmazdım. Gənc qadının əsər boyu üzləşdiyi bütün dəhşətlərin, həmin bu domino daşları kimi balaca, yad adamlar tərəfindən qurulan mənasız bir oyun olduğunu mən özüm də, yalnız onda – əsərin, sən demə, bitdiyini anlayanda başa düşdüm. Sözümüzü ona gətirirəm ki, əsərin yazılma tarixçəsində belə mən, «Çevrilməni» oxumuş müəllif kimi yox, beyni söndürülmüş və hardansa necəsə idarə olunan icraçı qismində iştirak etmişəm.
«Azadlıq» romanınızı açıq cəmiyyətə çıxış adlandırmaq olar. Amma, bu roman təqdirlə bərabər, həm də tənqidlə qarşılandı, əsərin «gəlmə» olduğuna, Markesin təsirilə yazıldığına eyhamlar vuruldu. Və siz bu barədə istisna deyilsiz. 60-70-ci illərdə nəsrimizin ciddi uğurlarından olan «Qətl günü» və «Köç»ün də birbaşa təsiriylə yazıldığı iddia oxunur. Eləcə də Anarın yaradıcılığında Floberin, Elçində Folknerin «izləri» axtarılır.
İyirminci yüzil ədəbiyyatımızın qürurlandığımız bir dövrünün bu cür şübhəyə alınmasına münasibətiniz necədir?
Bu barədə dəfələrlə demişəm. Görünür, bu məsləyə dönə-dönə qayıtmağa ehtiyac var. «Azadlıq» romanı birbaşa «Patriarxın payızı»nın tərcüməsindən sonra yazılıb. Burda oxşarlıq «Azadlığ»ın birinci fəslindəki Markes üslubudur, «deyirlər... deyilənə görə...» və sair. Markesin bu kifayət qədər tanınmış üslubunu seçməkdə məqsəd, patriarx mövzusunun əbədiliyi rəmzini daşıyır. Yəni uzaq Kolumbiyadan Azərbaycana rəvan bir keçiddir. Əsəri oxuyanlar birinci fəslin, romanın daxili yükünə heç bir aidiyyatı olmadığını, bu fəslin, bir növ əsərə giriş rolu oynadığını yaxşı bilir. Mənim üçünsə bu fəsil - «Patriarxın payızı»ndan «Azadlığa» yalnız keçiddir. Romanın özünə gəldikdə isə, oxşarlıq axataranlara məsləhət görərdim ki, hər iki əsəri bir də, diqqətlə oxusunlar və Markesin, öz patriarxının həyatından sırf vizual, lakin unikal, dəqiq yazıçı müşahidələriylə bir növ reportaj apardığını, mənimsə, öz Generalımın ən gizli, qadağa nöqtələri ilə işlədiyimi görərlər. Bu əsərlər üslub baxımından da fərqlidir. «Patriarxın payızı», satirik ovqat üstündə, magik realizm üslubunda yazılıb, «Azadlıq» isə mistik-psixoloji faciədir. Bu bir-birindən hər cəhətdən uzaq əsərləri, bircə giriş fəslindəki «deyirlər»lərə görə eyniləşdirmək, ən azı, kobud desək, ədəbi nadanlıqdır. O ki, qaldı, son illər ədəbiyyatımızda gözə çarpan istedadlı əsərlərə qarşı bu sayaq hücumlara, buna normal baxıram. Təbiətdə də hər şey belə harmonikdir. Gözəl, hündür ağaclar da yaranıb, onların gövdələrini daim altdan-altdan oyub yeyən böcəklər də. Ən gözəl olan nədəsə nöqsan tapmaq, onu necəsə çirkləndirməyə, gözdən salmağa çalışmaq, bundan anlaqsız bir zövq almaq, bizlərin çoxdankı adətidir. Bu, həmişə olub və olacaq. Xoşbəxtlikdən, tarixdə əsərlər qalır, dediyiniz o miskin hücumlar yox.
«Azadlıq» romanı üzərində bir qədər ətraflı dayanmaq istərdim. Realist – sürrealist əsasda altı fəsildən ibarət romanda cəmiyyətə yuxu, halüsinasiya və «deyirlər», yəni, fərziyyələr arxasından baxılır.
Və bu, birinci fəsildə daha çox hiss olunur. Düşünmək olarmı ki, orada real tarixi hadisələr və cəmiyyətdə baş verən proseslərdən bəhs olunduğu üçün səhv etməkdən çəkinmiş və dolayı münasibətə üstünlük vermisiz?
Əvvəla, mən heç nədən çəkinmirəm. Xüsusən ədəbiyyatda. Birinci fəsildəki hadisələr, yaxın keçmişimizdə gözümüzün qabağında baş verənlərdir. Bəzi komik situasiyalar, o günlər camaatın dilində anektoda çevrilmiş epizodlardan qaynaqlanıb. O biri fəsillər isə, yəni belə deyək, romanın canı, məğzi, daha dəqiq desək, demək istədiyi – azadlıq deyilən və o illər çox dəbdə olan bu məfhumun absurdluğu, insanın nəyinki real həyatda, cəmiyyətdə, öz ailəsində, hətta təklikdə, öz yatağında, yalnız və yalnız ona aid olan yuxularında belə azad olmaması faciəsidir. Dediyiniz həmin o «dolayı münasibət», yəni yuxular, insanın sonradan qazandığı həyati faktorlardan əzəli, ibtidai və əslində, ən həqiqi həyatıdır, məhz bu yuxularda insan özüdür. Real həyatda iradəli, güclü General yuxularında çaşqın və zəifdir, yuxudan-yuxuya tikilib ucalan Məqbərəsindən heç cür azad ola bilmir. Öz yuxularında «tora keçmiş» Akademiki müalicə edəcək psixiator Veyisov özü də həmin yuxuların qurbanına çevrilir. Bilirsiz, bizlərin, çox vact adi, fizioloji vəziyyətlərimizdən biri kimi yanaşdığımız yuxularımız əslində, bizim ilahiyyatla bağlı bəlkə də yeganı təmas yerimizdi. Lakin hamı bunu bu cür qəbur etmir. Məsələn, məşhur avstriyalı psixiator Ziqmund Freyd yuxuların, gün ərzində insan yaddaşına yığılan assosiativ məqamlar yığımından savayı ayrı bir şey olmadığını sübut edir.
Mənim üçünə yuxular – insanın, özünü dərk etməsi, ən mübhəm, sirli yaddaş nöqtələrinə yeganə çıxış yeridi.
«Azadlıq» bədii cəhətdən istedadla yazılsa da, yazıçının şəxsiyyət kimi sosial-ictimayi-siyasi uzaqgörənliyi qənaətbəxş deyil. Bu 1988-1993-cü illərdəki proseslərə, xüsusən, Xalq Hakimiyyətinə, Hərəkata münasibətdə özünü büruzə verir.
Bir daha təkrar edirəm ki, bu əsər tarixi roman deyil və dediyiniz həmin o qısa, tarixi mərhələni təsvir etmək məqsədi ilə yazılmayıb. Ola bilər, sizi müəllifin xalq hərəkatına münasibəti qane etmir, bu, ayrı məsələ. O illər «Azadlıq» meydanına yığışan yüz minlərlə azərbaycanlının bu birlik təntənəsi, hamı kimi məni də sarsıtmışdı. Həmin o izdihamlı mitinqlərə mən də, çox vaxt uşaqlarımla gedirdim, orda saatlarla dayanır, nəyisə gözləyirdim. Lakin, günlər keçir, mitinqlərin təntənəsi, vətəpərvərlik pafosu gündən-günə aşıb daşır, əslində isə heç nə baş vermirdi. Sonra bir gün mən, həmin o nəyinsə baş verəcəyini gözləməyimin özünün də mənasız olduğunu necəsə anladım. Tribunadan oxunan bütün o təsirli şeirlərin, Vətənin, millətin sağlığına göylərə ucaldılan şüarların, nə erməni işğalçılarına, nə də «uzaq qarlı Rusiyanın möhtəşəm meşələrinə» təsiri olmadığı gün kimi aydın və acı bir həqiqət idi. Günlər ötür, meydanın ab-havası dəyişirdi… qəribə «meydan dövləti» yaranmağa başlayırdı. Bu dövlətin öz konstitusiyası, daxili qanunları, ierarxiya sistemi, öz ərzaq xətti formalaşır, hər şey qapanır və yuvarlaqlaşırdı. Məsələnin ən faciəli məqamı isə bu kiçik «dövlət»in, 18-ci ildəki kimi, fəhlə-kəndli zümrəsi tərəfindən «durbindən» (yəni tribunadan) idarə edilməsi idi. Teatral pafos, millətin sarı siminə toxunan təsirli sözlər insanları elə bir eyforik, anlaqsız vəziyyətə salmışdı ki, onları istənilən an kütləvi halda, arxada dalğalanan dənizə də sürüyüb salmaq olardı. Yüz minlərlə azərbaycanlı öz milli həmrəyliyini sübuta yetirməkdən ötrü, bu gün küçələrdə əli cibində, tüfeyli vəziyyətində boş-bekar veyillənən bir neçə adamn əmri ilə çöməlib-qalxır, tribunadan deyilən sözlərə müxtəlif reaksiyalar verirdi.
Bütün bunlar bir tərəfdən gülməli, digər tərəfdən ağlamalı idi... Bilirsiz, biz çox sadəlöhv, ürəyiaçıq, səmimi xalqıq, xüsusən hissə qapılanda, ağlımızı daha tez itiririk. Xalq birliyini, milli özünüdərki ifadə edən bu meydan hərəkatı olsun ki, lent yazılarında, arxivlərdə tarixi bir epizod kimi qalacaq və gələcək nəsillərimiz üçün qürur duyulası tarixi sənədə çevriləcək. Lakin, gəlin indi bir qədər ağılla başla fikirləşək. Dediyiniz o xalq hərəkatının, Azərbaycanın müstəqillik qazanmasında, yaxud o illər addımbaaddım torpaqlarımıza yeriyən erməni işğalçılarının qarşısının alınmasında hansı rolu oldu?... Tribunadan Vətən, torpaq barədə təsirli sözlər deyib, saz çala-çala insanları kövrəltməklə, birlik rəmzi olaraq, on minlərlə adamı – ağsaqqalı, qadını, ziyalını çöməldib qaldırmaqla nəyə nail olundu?.. Erməni ordusunun qarşısı alındımı?.. Yoxsa bəlkə 1991-ci ildə Azərbaycan özünü müstəqil dövlət elan etməsini bu mitinqlər təmin etdi?.. Azərbaycanın müstəqil dövlət statusu qazanması, bilirsiz ki, o dövrlər tarixi labüdlük idi. Sovet ittifaqı dağılmaq ərəfəsindəydi və bütün qonşu respublikalarda həmin proseslər gedirdi. Bu mitinqlər əlbəttə ki, Azərbaycan xalqının mənəvi özünədərki istiqamətində müəyyən faydalı rolunu oynadı. Bundan savayı, dediyiniz o hərəkatın, ölkənin siyasi-ictimayi həyatında, dövlət quruculuğunda maneələr yaratmaqdan savayı ayrı bir təsiri olmadı. Keçmiş sovetlər birliyinin digər respublikaları həmin bu müstəqillik yoluna çox rahat, ağıllı dövlət rəhbərlərinin müvafiq siyasi addımları sayəsində, qəbuledilmiş müvafiq beynəlxalq qanunlar çərçivəsində həlli yolu ilə çıxdı. Deyirsiz, «sosial-ictimayi uzaqgörənliyim qənaətbəxş deyil». Xalq hərəkatının öndərlərinin 1992-93-cü illərdəki hakimiyyət dövrü, bütün o biabırçılıqlar, Allaha şükür, hamımızın yadındadı. Bilirsiz, bir var xalq, bir də var, xalqı ifadə edən kütlə. Son vaxtlar baş verən, istər müsbət, istər mənfi kütləvi aksiyalar bu iki məfhumun tamailə fərqli olduğunu sübut etdi. Azərbaycan xalqı böyük xalqdır, istedadlı, səmimi xalqdır. Onun müqəddəs mənəvi-əxlaqi dəyərlərə Vətənə, torpağa münasibəti dəyişməzdir. Bu xalqı, onun sadəlövhlüyündən, səmimiliyindən istifadə edib aldatmaq olmaz. Onu aldadanların aqibəti bu gün göz qabağındadır.
Ümumiyyətlə, son illərin gerçək ictimayi-siyasi proseslərini əks etdirən əsərlərin çoxunda, «Azadlıq» da daxil olmaqla, fəlsəfi-psixoloji ümumiləşdirmələrə rast gəlinir, təsvirçiliyə, hadisələrin çöldən seyrinə üstünlük verilir. Bəlkə bu suala indi cavab verəsiz: Sizcə, Xalq Hərəkatının fəlsəfəsi nədə idi?
Xalq hərəkatı barədə mən öz fikrimi dedim. Partiya, hərəkat dediyiniz o ictimayi-kütləvi proseslərin, qurumların heç bir fəlsəfəsi ola bilməz. Burda ümumiyyətlə fəlsəfə sözünü işlətmək absurddur. Kütlənin fəlsəfəsimi olar?.. Fridrix Nitsşenin kütlə barədə gözəl bir fikri var. Deyir: «İki insan ki, bir-birinin yanında dayandı, hərə öz ağlını o birinə ötürür». Xalq hərəkatının fəlsəfəsi budur. O illər xalq meydana yığışıb əvvəl ağıllı adamlarını dinlədi, özü öz birliyindən kövrəldi, qürrələndi. Bir müddət sonra bu birlikdən, yaxşı mənada sarsılan xalq bu ağıllı adamları orda tapmasa da, daha meydandan əl çəkmədi, ora özünü təsdiqləməyə, xofunu əritməyə gəldi. Bir müddətdən sonra isə xalqı həmin o tribunadan idarə eləməyə başladılar. Hadisələrin bu şəkil almasında indi günahkar axtarmağın yeri yoxdur və burda, inanın mənə, heç bir fəlsəfə də yoxdur.
Mən bura qədər «Azadlığ»ın ictimayi fikirdə doğurduğu rəylərdən çıxış etdim. Onun bədii uğurları da çoxdur. Amma təəssüf ki, ədəbi rəy ictimayi rəydən çox passivdir. Tənqidin vəzifəsini açıq cəmiyyətin öz üzərinə götürməsi sizi gələcək yaradıcılığınızda faktoloji məsələlərdən gendə durmağa sövq etməyəcək ki?
Dediyiniz «açıq cəmiyyət»lə peşəkar tənqidin fərqi mənim üçün, deyilən fikrin əsaslı və konstruktiv olmasındadır. Neçə-neçə peşəkar tənqidçi yaradıcılığımla bağlı o qədər səthi təhlillərlə təriflər yazıb ki... Yaxud əksinə, ədəbiyyatdan uzaq, lakin, duyğulu oxucularımdan o qədər dəqiq iradlar qəbul etmişəm ki. Ədəbiyyat qəliz sahədir. Hər bir ədəbi əsər, onu oxumaq və qavramaq iqtidarında olan hər bir adam üçün fərdi səciyyə daşıyır. Məni heç bir tənqid və irad qorxutmur. Son vaxtlar haqqımda yazılan qıcıq, ikrah dolu yazıları da maraqla oxuyuram. Düzdü, gündəlik qəzet oxumaq adətim olmadığından, bəzən barəmdə yazılanların hamısını oxuya bilmirəm. Bu əsəbi fikirlər mənə, yazıların müəllifləri barədə müxtəlif məlumatlar verir. Amma, bu adamlara, xüsusən gənclərə qarşı heç bir mənfi hisslər keçirmirəm. Əksinə, onları nədəsə, necəsə incitməyimdən pis oluram. Kimisə nədəsə incitmişəmsə, məni bağışlasınlar. Mənim oxucu auditoriyam müxtəlifdir. Bəzi oxucularım mənə, psixi müayinədən keçməyi məsləhət görür, digərləri məni, həddən ziyadə qəddar olmağımda günahlandırır, bir qismi əsərlərimdə milli kolorit axtarır, bir qismi məni, dünyanın ən ciddi yazarlarından hesab edir, digər qismi, ümumiyyətlə heç nə anlamadığından təəssüflənir. Məgər bu pisdi?..
Siyasi, hüquqi, milli azadlıq, üstəgəl, iç azalığı, yuxu və ölüm azadlığı, «Azadlığ»ın altı fəslində bu azadlıq hallarının mahiyyətinə varılır...
Və bütün bu azadlıqlardan keçilərək, insanın hər bir sahədə azadsızlığı, hansısa çərçivələr və qadağalarla yaşamağa məhkumluğu üzə çıxır. O illər meydana yığışan insanlar «azadlıq» deyəndə nəyi nəzərdə tuturdular?.. Azərbaycanın Rusiyanın tərkibindən çıxıb müstəqil yaşamağınımı?.. Məgər gözləri qorxu və kədər saçan bu adamları bu günəcən üzüb kövrəldən - Azərbaycanın bütün bu illər ərzində Rusiyanın tərkibində olması idimi?.. Yoxsa onlar «azadlıq» deyəndə, erməni işğalçıları üzərində qalibiyyəti nəzərdə tuturdular?..
Mənsə hiss edirdim, mahiyyətini tam dəqiqliyi ilə anlamasam da, burda nadir, ilahi bir məqamı duyurdum... Sonradan həmin o məqam məni rahat buraxmadı. Mən bir neçə il bu barədə fikirləşdim, həmin bu «şəfqətli» azadlığı dörd bir yanımda – evimizin içində, çölündə, dostlarımın arasında, yuxularımda axtardım və... bu romanı yazdım.
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:22
Комментариев нет:
Отправить комментарий