Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

суббота, 21 июля 2007 г.

GECƏ


Çovğunun elə bil sonu olmayacaqdı... Bir həftəydi, on gün idi… Son üç günü şəhərin çox hissəsində işıq xətləri də qırılmışdı. Qaz, çovğun başlayandan itmişdi. İndi də deyəsən su boruları, neçə günün şaxtasından donmağa başlayırdı.
...Hava qaraldıqca Talıb kişinin canına hardansa damla-damla vahimə dolurdu... Çovğun başlamamışdan Talıb kişi yuxusunda ağ saqqallı, ağ əbalı nurani bir adamı görmüşdü. O adam Talıb kişinin əlindən tutub yatağından qaldırırdı, arxasıyca çəkə-çəkə harasa, ucu-bucağı olmayan səhralığa bənzər qəribə bir yerə aparırdı... Sonra nə oldusa, o adam elə oradaca Talıb kişinin əlindən buraxıb qeybə çəkilirdi. Talıb kişini həmin o səhralıqda təmtək qoyurdu... Sonra Talıb kişinin ayağının altında yer tərpənirdi və Talıb kişi aşağı baxıb görürdü ki, sən demə bayaqdan bəri səhnədə dayanıbmış, aşağıda isə saysız-hesabsız simfonik alətlərdən və musiqiçilərdən ibarət böyük orkestr onun işarəsini gözləyirmiş. Onda Talıb kişini elə səhnədəcə ağlamaq tuturdu... bədənində, çoxdannan bəri yadırğadığı tanış istiliyi hiss eləyirdi, həmişəki adətiylə saçlarını sığallayıb əllərini havaya qaldırırdı, gözünü yumub orkestrə başlamaq işarəsi verirdisə də, orkestr çalmırdı… Onda Talıb kişinin qolları yanına düşürdü, vahimədən ürəyi ağzına gələ-gələ dayandığı yerdəcə donub qalırdı... Orkestrin musiqiçiləri bunu görüb alətlərini tələsik kənara tullayırdılar, tələm-tələsik zalın ortasında yekə bir xəndək qazmağa başlayırdılar, səhnəyə dırmaşıb dəmir əlləriylə onun qollarından yapışır, sürüyə-sürüyə aşağı düşürür, xəndəyə yıxır - sonra saysız-hesabsız violonçelləri, skripkaları üstünə yığıb torpaqla basdırdılar. Torpaq ağzına, boğazına dolub nəfəs yollarını tıxadıqca, skripkaların ucuiti taxtaları bədənini deşdikcə, ürəyi partlaya-partlaya son dəfə gördüyü göydən lopa-lopa tökülən qar oldu...
...Həmin o qar idi... yuxusundan başlayıb on gündən çox idi yağırdı... Çovğunun içiylə fırlanıb özünü otaqların pəncərələrinə çırpırdı, şüşələri qırıb içəri keçmək, yuxudakı kimi onun üstünə yağmaq istəyirdi…
Yatağından qalxıb stolun siyirtməsini çəkdi, dərmanlardan çıxarıb bir-bir dilinin altına qoydu, pəncərənin qabağına keçib bir müddət pərdənin arxasından çovğunun, tufanın içində itib-batan şəhərə baxdı... Şəhər demək olar ki, görünmürdü…
Bütün günü telefon da zəng çalmamışdı. Elə bil şəhərdə olan-qalan qohum-əqrəba, tanış-biliş də çovğunun içində donmuşdular. Ya harasa, hayanasa köçüb getmişdilər?!..
-...Talıb, a Talıb...
- Ay can...
…Talıb kişinin qarısı elə cavanlıqdan xırdaydı, qocalıb indi az qala fındıq boyda olmuşdu, çarpayının tən ortasında, yorğanın bir ucunun altında dovşan kimi yığılıb xırda, oynaq gözləriylə ona baxırdı.
- Qorxuram nəsə…
- Nədən qorxursan?..
- Bu nə çovğundu, a Talıb?! Heç Bakıda belə çovğun olduğu yadına gəlir?..
Talıb kişi çöməlib qarının yanında oturdu, əlini bumbuz alnına çəkdi.
- Ürəyin necədi indi?..
- Bir az babatdı...
- Sən çalış bir az yat.
- Elə bütün günü yatıram. Nə qədər yatmaq olar?..
- Nə qədər yatsan, bir o qədər yaxşıdı...
- Bu il yazın gəlməyi nə uzun çəkdi? Mart qurtarır, yazdansa əlamət yoxdu...
- Olar da, niyə tələsirsən?.. Cavanlığından belə hövsələsizsən... - Talıb kişi dedi və o dəqiqə də dediyinə peşiman oldu.
Qarı cavanlığından süz düşəndə, həmişə niyəsə məyus olurdu, balaca, qırışlı üzü yığılıb az qala nöqtəyə dönürdü.
- Talıb...
- Hə.
- Yazın birinci əlaməti nədi, əgər bildin?!.
- ...
- Hə?.. Niyə dinmirsən?..
- Fikirləşirəm...
- Burda fikirləşməli nə var ki?!. Yəqin yağış olar da.
- Hə... yağışdı... O yağışın qəribə iyi olur...
- Nə iyi?.. Suyun da iyi olar?..
- Bəyəm bilmirsən?!. Yaz yağışından ot iyi gəlir...
- Sən həmişə hər şeyi tərs-mayallaq deyirsən. Yazda ot bitir deyə, yağış yağanda hər yanı otun iyi bürüyür...
- Hə... Sən məndən ağıllısan.
- Qışın ömrünə az qalıb daha... Bir azdan havalar isinəcək, quşlar oxuyacaq, işığımız düzələcək...
- Bu telefon da deyəsən işləmir... Heç zəng eləyən olmayıb bu gün. Elə bil lap adadayıq...
Qarının bu sözündən Talıb kişinin bədənindən soyuq gizilti keçdi. Yenə o gecəki vahiməli yuxusu düşdü yadına.
...Ayağa qalxıb başmaqlarını sürüyə-sürüyə mətbəxə keçdi. Mətbəx lap qaranlıq idi, xırda pəncərələri küləyin müqavimətindən əsim-əsim əsirdi.
Əlini bufetin siyirtmələrində gəzdirib dünən yandığı yarımçıq şamı tapdı, yandırıb nəlbəkiyə yapışdırdı, əlləri əsə-əsə otağa apardı…
Çovğunun havası evin içinə də dolmuşdu. Soyuq külək qaranlıq dəhliz boyu dolanıb otaqların pərdələrini vahiməli-vahiməli tərpədirdi.
...Talıb kişi şamı gətirib stolun üstünə qoydu. Qarının səsi çıxmırdı, yorğanın altından xırda başı, bir də quş caynaqlarına oxşar balaca, sümüklü əlləri görünürdü. Dinməz-söyləməz uzanıb qaranlıq tavana baxırdı.
Talıb kişi şamı yatağın böyründəki mizin üstünə qoyub dikələndə ləngər vurdu. Yenə ürəyi bütün bədənini zəiflətdi.
"Daha dərman da kar eləmir" - fikirləşdi.
- Talıb, a Talıb...
- Ay can.
- Deyəsən daha dərman da kar eləmir mənə...
Talıb kişi keçib yenə çarpayının yanında oturdu.
- Hamısı soyuqdandı əzizim… Soyuq ürəyin damarlarını yığır, qoymur qanı işləsin...
Sonra istədi desin ki, «bəlkə su qızdırıb ayaqlarına düşəyim?» yadına düşdü ki, nə qaz var, nə də işıq.
- Yuxun gəlmir?..
- Yox...- qarı başını sərçə kimi tərpədib susdu, sonra gğzlərini döydü.
- Talıb...
- Hə...
- Qorxuram...
- Nədən, yatmaqdan?..
Qarı başını tərpədib "hə" dedi.
- Mən ki yanındayam, nədən qorxursan?.. - deyib, şamın işığında qarının heç nə ifadə eləməyən üzünə baxdı.
- Sən yanımda olanda heç nədən qorxmuram. Sən güclüsən... həkim də demişdi. Yadındadı, həkim nə demişdi?..
- Demişdi də...
Hiss elədi ki, danışmağa heyi yoxdu, ürəyi, cərəyanı azalan əl lampası kimi tədricən sönür elə bil...
- Yox, de...
- Nə deyim?..
- Həkim nə demişdi, onu.
- Demişdi, bədənim çox sağlamdı...
- Hə...
Qarı "hə"ni bir qədər uzadıb elə bil rahatlandı, sonra qırıq-qırıq əsnədi.
Gözlərini qıyıb qarının üzünə diqqətlə baxdı, az qaldı qorxudan ürəyi dayana.
Qarının ağzının bir tərəfi əyilmişdi. Nə vaxt əyilmişdisə, görməmişdi. Qəribəydi ki, qarı deyəsən ağzının əyilməsini hiss eləmirdi.
Qarısının ağzına baxıb kövrəldi, gözləri doldu, yadına bu balaca qadının cavanlığı, ağappaq şümal dərisi, cazibəli gözləri düşdü… Hər şey qurtarırdı, bitirdi, sönürdü...
Talıb kişi belə fikirləşdikcə, ürəyi tamam zəifləyirdi, çovğununsa gücü elə bil bir az da artırdı.
Qarı onun diqqətlə baxdığını görüb balaca, taqətsiz əlləriylə yorğanın ucunu burnuna çəkdi.
- Niyə elə eləyirsən? Nəfəsin daralar.
- Baxma mənə...
- Niyə, əzizim?..
- Elə bil ağzım keyiyib.
- Sənə elə gəlir.
...Çovğun arada bir elə bil hardansa güc alır, toplanıb otaqların qapı-pəncərəsini titrədir, yarıqaranlıq, soyuq otaqlarda ac qurd səsiylə ulayırdı...
- Talıb... - qarının səsi yorğanın altından güclə eşidilirdi.
- Hm...
- Sən qoyarsan mən ölüm?..
Talıb kişinin, qarının bu sözündən ürəyi sıxılsa da, zorla gülümsündü:
- Mən ölmüşəm ki, sən öləsən?..
Qarının çuxura düşmüş gözlərində sevincə oxşar zəif işartı yanıb-söndü.
Talıb kişi arada bir büdrəyib dayanan xəstə ürəyinin yorğun, zəif əzələlərini bircə-bircə hiss elədi. Ürəyinin əzələləri, tiftiyi pürşüklənmiş əski vəziyyətindəydi təxminən. Ürəyi daha tabe olmurdu daha ona. Dərmanlardan da imtina eləyirdi.
Çovğunun ətürpədən səsindən idi, ya otağın qaranlığından idi, nə idisə, elə bil havası çatmırdı…
Fikirləşdi ki, bəlkə birtəhər geyinib qarısını da bələyib sürünə-sürünə də olsa havaya çıxsın?!. Sonra da yadına düşdü ki, işıq yoxdu deyə, lift işləməyəcək, beş mərtəbəni necə düşüb-çıxacaqlar?!. Liftin işləməməyindən lap vahimələndi. Demək, çovğun qurtaranacan elə beləcə, göyün üzündə qalacaqdılar…
Qəribəydi ki... - Talıb kişi fikirləşdi - qonşuların da səs-səmiri gəlmirdi. Elə bil hamı çovğunun əlindən qaçıb harasa uzaqlara, isti, işıqlı yerlərə getmişdilər. İndi bu boyda şəhərin ortasında, bu qar-qiyamətin içində bu nataraz binada qarısıyla qalan bircə o idi. Özü də harda - göyün yeddinci qatında...
- Talıb…
- Hm...
- Bu il elə bil yaz olmayacaq...
- Elə şey olar?..
- Niyə olmur?!. - qarı danışdıqca elə bil nəfəsi təngiyirdi.
- Birdən-birə yay gələcək?!..
- Hə... Yaydan lap zəhləm gedir. İstidə təzyiqim düşür...
Talıb kişi hiss elədi ki, gözü qaralır, bədəninə soyuq tər gəlir. Özünü dikəldib zorla da olsa, ayağını ayağına aşırdı. Bilirdi ki, belə oturanda qüvvətli görünür. Yorğanı qarının üzündən çəkib:
- Sus, əzizim... danışma, - dedi. - Sənə danışmaq olmaz.
- Sakitlikdən qorxuram...
- Niyə?..
- Onda küləyin səsi gəlir. Bir də külək pəncərələri tərpədir...
- Burda qorxmalı nə var ki?!. Külək əsəndə pəncərə titrəyər də...
- Elə bil bu külək nə isə istəyir...
- Nə istəyir?..
- Bilmirəm...
- ...
- Talıb...
- Hm...
- Eşidirsən necə ulayır?.. Elə bil ağlayır. Ürəyim sıxılır...
- Sənə dedim axı, danışma...
Talıb kişi üzünü toparlayıb birtəhər qarıya sarı əyildi, qurumuş dodaqlarıyla alnından öpdü:
- Sakit uzan, mən danışım, sən qulaq as...
- Danış Talıb, amma çox danış... bir də bərkdən danış...
Talıb kişi nəfəsini dərdi, qurumuş diliylə dodaqlarını yalayıb uzun-uzadı yola hazırlaşan adamlar kimi bir neçə saniyə susdu, sonra udqunub boğazını arıtladı və lap asta səslə, az qala pıçıltıyla danışmağa başladı:
- Qışın ömrünə az qalıb... İndi otlar, çiçəklər qarın altında yuxulu-yuxulu cücərir, ağacların tumurcuqları düymə kim yığılıb dəqiqələri saya-saya çovğunun axırını gözləyirlər... Quşlar, bizim kimi haralardasa gizlənib çovğunun səsinə qulaq asa-asa yatırlar... Ona görə deyirəm ki, sən də yat... Sən də hansısa quşa oxşayırsan... Bunu sənə demişdim, deyəsən...
...Ürəyi yenə dayandı... Qarı görməsin deyə, yanakı oturub, heysiz əliylə sinəsini ovxaladı. Ürəyi zəif-zəif atıb durdu, sonra solaxay döyüntü ilə ara-sıra vura-vura işlədi.
- Hə... danış, danış... Deyirsən hansı quşa oxşayıram?..
- Yaz lap yaxındadı... Mən hiss eləyirəm. ...Səhər yuxudan ayılıb görəcəksən ki, bu yarıqaranlıq otaqlar işıqla doludu. Bu otaq evin ən işıqlı otağıdı axı... Yayda həmişə buranın pəncərəsindən qalın pərdələr asırsan ki, gün şığıyıb divarları, pianinonu bozartmasın... Sənin o qalın pərdələrin hardadı?..
- Pərdələr?!. Hansı pərdələr?..
- Yay pərdələri... Üstündə qırmızı tovuzquşuları olanı deyirəm. O tovuzquşlar sənə oxşayır... demişdim sənə?..
- Deyəsən demişdin... Hə, demişdin.
- Sən elə indi də tovuzquşuna oxşayırsan...
- Sən danışırsan, ürəyim yaxşı işləyir... Özü də həmişə elə gözəl sözlər tapıb deyirsən... Gərək yazıçı olaydın...
...Külək bir də coşub hardasa damda nəyisə kökündən tərpətdi. Antenaydı, ya damın dəmirləriydi, nə idisə yerindən oynayıb gur-gur guruldadı.
...Qarı əvvəl gurultudan qorxub yorğanı başına çəkdi, sonra başını çölə çıxarıb, nəfəsini saxlaya-saxlaya diqqətlə gurultuya qulaq asdı. Birdən elə bil gözləri işıldadı:
- Göy guruldayır... Talıb!.. Bu nə vaxtın gurultusudu?!. Çovğunda heç vaxt göy guruldamaz axı... Bəlkə yağış yağır?!. Dur bir pəncərədən bax... Sən düz deyirdin... Yaz lap yaxındaymış... İndi yadıma düşdü o tovuzquşulu pərdələr hardadı... Çöldə, şkafın yuxarı gözündə... Özü də təmizdi, keçən yay onları yuyub-ütüləyib qoymuşdum... Onları yuyanda dırnağımın biri ortadan sınmışdı, yadındadı?!. Dırnaqlarım da qocalıb... Talıb, a Talıb, niyə dinmirsən?.. Sən susanda qorxuram axı. Yağış yağır... Vallah yağır... Bax, eşidirsən səsini?.. İndi otlar cücərəcək, tumurcuqlar açacaq, gün çıxacaq, hər yer isinəcək, işıqlı olacaq... Mən o tovuzquşu pərdələrimi asacağam... Talıb, qurban olum, danış... Nolar, bir söz de... Talıb...Talıb... a Talıb... danış, qurban olum, qorxuram axı?!.. Talıb?..Talıb?..Talıb?..

0 коммент.:

Отправить комментарий