Ədalət qəzeti
30 avqust 2007-ci il
«Mən iki cür yaşayıram»
- Afaq xanım, Azərbaycan balaca bir məmləkətdi, amma çox varlıdı. Bu varlı olan, əslində heç nəyi olmayan Azərbaycan adlı dünyayla danışmağa dil tapırsınız, yoxsa ayrı-ayrı dillərdə danışırsınız?
- Mən çalışıram danışım və elə bilirəm müəyyən əlaqə yarada bilmişəm. Amma Azərbaycanla bütövlüklə ünsiyyətə girdiyimi deyə bilmərəm.
- Bəs dünyayla necə dil tapmısınız?
- Dünyayla mən daha asan dil tapıram. Bir çox Avropa ölkələri ilə artıq münasibətlərim var. Bu yaxınlarda yenidən Vyanadan dəvət almışam. Vyananın Mədəni Əlaqələr Komitəsinin dəvətidi. Bu, təxminən onların Mədəniyyət Nazirliyidi. Orda mənim Vyana radiosu ilə çıxışım, vyanalılarla canlı bağlantım nəzərdə tutulub. Əsərlərim alman dilində oxunacaq.
- Bəs adamlarla necə, onlarla dil tapa bilirsinizmi?
- Azərbaycanda?
- Ümumiyyətlə.
- Mənim öz ətrafım var, yaxın dostlarım var. Onlar tək ədəbiyyatçılar deyil. Teatr, musiqi aləmindən dostlarım var, sadə insanlar da var. Amma bu adamlar çox azdır və vaxt azlığından, onlarla da həmişə ünsiyyətdə ola bilmirəm.
- Bir məşhur misra var. Deyir: «ümid sənin çörəyin, ye Mehmet ye.» Həyatda ümidiniz çox olub, yoxsa çörəyiniz?
- Ümid deyə bilmərəm, amma böyük bir sevgim olub həmişə. Bu, nəhəng bir sevgidi. İlahi sevgi. Hər birimizin həyatında çətin anlar, faciələr, maneələr olur. Həmin bu ilahi sevgiyə görə mən o maneələri asanlıqla adlamışam. Yəni heç vaxt heç nəyə ümidlə baxmamışam. Sadəcə, maneələri, faciələri təbii qəbul eləmişəm. Ən çətin məqamlarda belə özümü xoşbəxt və güclü hiss etmişəm. Ona görə yox ki, hansısa əsərlər yazmışam, hansısa nəsildənəm, kiminsə qızıyam. Sadəcə o hiss mənə verilib ki, xoşbəxt və azadam. Bu, elə bilirəm İlahinin mənə olan sevgisidi. Burda heç bir ümidə yer qalmır məncə. Ümid - konkret nəticə, yaxud hər hansı obyekt tələb edən hissdir. Yəni insan konkret olaraq nəyəsə ümid edir. Məndə isə dediyim həmin o nəhəng sevginin konkret obyekti yoxdur.
- Rəhmətlik Məmməd Araz deyib ki, bir ümidin ətəyindən tutub da fırlan. Bəs sizin ətəyindən tutduğunuz o inam nədir?
- O inam məncə İlahinin Özüdür. Bu, o qədər ağlasığmaz, o qədər ölçüsüz, səmtsiz bir hissdir ki, indi mən onu sizə dəqiq təsvir edə bilmərəm. Bu, İlahinin ətəyi də deyil... Bu, ola bilsin ki, elə mən özüməm.
- Siz nədənsə qorxursunuz?
- Qorxu hissi məndə olur. Ancaq böyük mənada yox. Bəzən övladlarım üçün, bəzən yaxın dostlarım üçün qorxuram. Bəzən görürsən ki, mənasız qorxular da keçir məndən. Amma bütün bu qorxular, heç bir məntiqi əsası olmayan, ötəri qorxulardır.
- Bəs hesabat anında gecə kimə hesabat verirsiniz?
- Özümə.
- Nə ilə bağlı?
- Mən hər gecə yaşadığım günü - hərəkətlərimi, yəni nə demişəm, nə yazmışam, mütləq süzgəcdən keçirirəm. Düşünürəm, nə düz idi, nə səhv idi. Əslində bu proses məndə gün ərzində də gedir. Gecələr isə hər şeyi sadəcə daha aydın görürəm..
- Rəfiqələriniz sizi dəmdən axtarır, yoxsa qəmdən?
- Mənim rəfiqələrim yoxdur, bir neçə dostum var. Mən onları, onlar da məni həmişə ən yaxın məsafələrdə hiss edirlər. Elə də tez-tez görüşmürük. Bu görüşlərin bir ölçüsü, forması, dəqiq vaxtı da yoxdu. Görüşməyəndə də, heç nə dəyişmir.
- Bəs qonaq getmək, qonaq qarşılamaq necə?
- Qonaq getməyi sevmirəm. Qonaq qarşılamağı sevərdim, amma buna da vaxtım, halım yoxdur. Evə o qədər yorğun gedib çıxıram ki, kiminləsə danışmağa taqətim olmur. Bir bazar günləri qalır, onu da ancaq dincəlirəm.
- Ad günü keçirməyi xoşlayırsınız?
- Yox, qətiyyən. Ad günüm yaxınlaşanda əhvalım korlanır. O gün mənim üçün bəlkə də ən ağır bir gündü. Yəni bilirəm ki, həmin gün mütləq kimlərsə gələcək, mütləq sağlıqlar, xoş sözlər deyiləcək, məni tərifləyəcəklər. O insanlar, yəni gələnlər əslində məni sevən insanlardı, onlar beləcə öz borclarını yerinə yetirmək istəyəcəklər. Hər il mən çalışıram ötüşəm bu tədbirlərdən. Bu il nə isə alınmadı.
- Ad gününüz nə vaxtdır?
- İyunun 3-ü.
- Ən böyük hədiyyəniz nə olub ad gününüzdə?
- Nə barədə, maddi?
- Dəxli yoxdur. Bu yaşa qədər ən böyük hədiyyəniz nə olub?
- Ən böyük hədiyyəm, əvvəllər də, indi də yaxın dostlarımın həmin gün məni xatırlamalarıdı.
- Şərəfinizə xoş sözlər deyəndə özünüzü necə hiss edirsiniz?
- Çox pis.
- Niyə?
- İnsan var, gəlir, səni təbrik edir və daha heç nə demir. Söhbət dostlardan
getmir, əlbəttə. Ancaq bizim adətlərimiz var axı... süfrə açılır, burda mütləq sağlıqlar deyilməlidir. Bəzən o sağlıqlar ürəkdən gəlir, olur da ki, insan özünü, nə isə deməyə borclu hiss edir, nə isə deyir, sənsə hiss edirsən ki, o, borcunu yerinə yetirir, bu isə onun üçün elə də asan bir iş deyil. O bundan gərilir, özünü məcbur edir, bu da məni üzür.
- Onda belə bir şeyi də soruşum. Siz özünüz hədiyyə verməyi xoşlayırsınızmı?
- Xoşlayıram, ancaq mən o hədiyyələri əsasən göndərməyi xoşlayıram. Ad günü şərti bir şeydi.
- Sonuncu dəfə harada istirahət etmisiniz?
- Bu yay mən Yesuntukidə dincəlirdim. Daha doğrusu, ora müalicəyə getmişdim.
- Ümumiyyətlə, istirahət etməyi xoşlayırsınız?
- Passiv istirahəti yox. Mən daim nə iləsə məşğul olmağa öyrəşmişəm. Bir iş tapmayanda, ən azı düşünürəm. Hətta yuxuda da. Yesentukidə isə təbiət o qədər gözəl, o qədər mülayimdi ki, həmin o mülayimlik insanın ruhunu o qədər ovudur ki, orda fikirləşirdim ki, niyə bu qədər ili özümə əziyyət verib o qədər əsər yazırdım, bu, mənim nəyimə gərək idi?..
- Sizin yazılarınız sizi Azərbaycan cəmiyyətinə, oxucusuna və dünyaya tanıdıb. Azərbaycanda məşhur olmaq sizin üçün nə deməkdi? O məşhurluq sizi dolandırırmı?
- Azərbaycanda məşhurluq hələ heç kimi dolandırmayıb. Yəni bizdə oxucu səviyyəsi hələ o yerə gəlib çatmayıb ki, ciddi yazıçı öz kitablarının hesabına dolansın. Məşhur olmağı isə düzünü deyim, mən heç vaxt istəməmişəm. Məşhurluq insanın azadlığını əlindən alır. Piyada gəzməyi, saatlarla küçələrlə yeriməyi çox sevirəm. Yəni azadlığı sevirəm. Tanınanda, insanı küçədə saxlayırlar, sorğu-suala tuturlar, sən də küçənin ortasında dayanıb az qala müsahibə verməyə məcbur olursan. Məşhur olmaq – həm də hansısa mənada oxucunun malına çevrilmək deməkdi. Əsərini ki, oxudu, yəni hisslərini, fikirlərini özününküləşdirdi, oxucuya elə gəlir ki, artıq sən də onunsan, onun mülkiyyətisən. Son illər efirdən də, mətbuatdan da yayınmağımın əsas səbəbi əslində elə budu. Bu müsahibə ilə bağlı özünüz də bunu gördünüz.
- Onda belə çıxır ki, siz dükan-bazara heç getmirsiniz də?
- Ərzaq üçün getmirəm, amma özüm üçün, yaxud kiməsə hədiyyə almaq üçün məcbur olub gedirəm. Orda da məni tanıyırlar, müxtəlif qanqaraçılıqlar olur. Avropada bir qədər tanınan yazıçıların köməkçiləri olur ki, bu dükan-bazar işini ona həvalə edirlər. Mənim hələ ki, belə bir imkanım yoxdur. Odu ki, özümə bir şey almaq prosesi - mənim üçün, sözün əsil mənasında faciədir.
- Sizə toy dəvətnaməsi gələndə özünüzü necə hiss edirsiniz?
- Toya getməyi sevmirəm. Ancaq yaxın dostlarımın övladlarının və qohumlarımın (o da hamısınının yox) toylarına gedirəm. Bu səbəbdən qızımın toyunda 100 -əcən kişi xanımsız gəlmişdi. Bu, mənə qarşı üsyan idi. Mən də çox təbii qəbul etdim.
- Sizin Tanrıya münasibətiniz? İnanırsınızmı Allaha?
- Mən elə Ona inanıram, Onunla da yaşayıram.
- Allaha inanan Afaq xanım başı ağrıyanda, birinci Allaha üz tutur, yoxsa həkimə?
- Bizim hər birimizdə Allahın zərrəsi var. Birinci özüm-özümə üz tuturam, özümü dinləyirəm, özüm-özümü müalicə edirəm. Ümumiyyətlə, dərman atmıram, həkimlərə də inanmıram. 10-15 il bundan əvvəl elə oldu ki, həkimlər məni ölüm vəziyyətinə gətirib çıxardılar. Ondan sonra həkimə getmirəm.
- Tək qalanda darıxırsınız?
- O baxır hansı ovqatda oluram. Mən iki cür yaşayıram. Bir öz ərazimdə, yəni yazıda, bir də real qatda. Öz ərazimdə olanda ailə, idarə işləri arxa plana keçir. Orda mən qətiyyən darıxmıram. Orda aylarla, olur ki, bütün ili oluram və saatları, günləri hiss etmirəm. Demək olar, ayrı bir zaman ərazisinə düşürəm. O ki, real həyata qayıdıram, əlbəttə, onda gərək mən nə iləsə məşğul olam. Yoxsa çox darıxıram. Ölümcül sıxıntıdlar keçirirəm.
- Bağınız var?
- Bəli.
- Orda özünüzü nə ilə ovudursunuz?
- Bizim bağ Mərdəkandadır. Çox gözəl də bir yerdədir. Dənizin yaxınlığında ikimərtəbəli villadır. Qışda sakitlikdi. Amma təbiət etibarı ilə oranı qəbul edə bilmirəm. Mənim atamın da, anamın da kökü dağ yerlərindəndi. Bəlkə bu səbəbdən öz genetik yaddaşımla dəniz səviyyəsini qəbul eləmirəm?.. Baxmayaraq ki, orda bütün şərait var, rahatlıq tapmıram.
- Sizin üçün qarderobu kim seçir?
- Özüm. Sizə deyim ki, mən çox geyim almıram. 17 il bundan əvvəl həyat yoldaşım mənə çox bahalı bir şuba almışdı, onu hələ də səliqə ilə geyinirəm. Ümumiyyətlə, tez-tez geyim almağı sevmirəm. Həm də çalışıram elə bir şey alım ki, məni bezdirməsin və dükana getmək məcburiyyətimə mümkün qədər ara versin.
- Kiməsə borcunuz var?
- Mənəvi?
- Hər iki mənada.
- Maddi deyəndə ki, bəzi dostlarıma borcum var. Ancaq buna maddi də demək olmaz. Bu, daha çox mənəvi borcdur. Bir təşkilat rəhbəri kimi onların sosial vəziyyətinin necə olduğunu bilirəm, amma heç nə edə bilmirəm. Onlara zəhmətlərinin və istedadlarının müqabilində layiq olduqlarını verə bilmirəm. Bu mənada özümü həm maddi, həm də mənəvi cəhətdən onlara borclu sayıram.
- Tanınmış yazıçı, böyük bir təşkilatın rəhbəri, sözün həqiqi mənasında Azərbaycan ədəbiyyatını böyük dünyaya çıxaran Afaq Məsud öz məşhurluğunun dəyərini Azərbaycanda ala bilir, yoxsa yox?
- Əvvəla mən özümü məşhur hesab etmirəm. Əgər bir qədər tanınıramsa, bunun da bir müsbət məqamı var ki, Azərbaycanda tanınan adamın sözünü eşidirlər, ona inanırlar. Yeganə təsəllim budu ki, az-çox tanınmağım sözümü aidiyyatlı ünvanlara çatdıra bilir.
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:13
Комментариев нет:
Отправить комментарий