Bir dəfə isə, gecə yarısı qulağındakı vıjıltı səsi yerli-dibli yoxa çıxdı, elə bil çilik-çilik olub söndü, qeybə çəkildi, bunun əvəzinə isə qulağına, arada bir uzaqdan-uzağa, hakimiyyət dumanının ilğımında üzən gəmilərin zəif fitləri güclə eşidilən yumşaq hava doldu… sonra o, hansısa qondarma küləklərin səsini eşitməyə başladı, külək səsinin içinə quş civiltiləri də doldu, quşlar elə bil onun ürəyinin içində cükküldədilər və bu cükkültü onu, quşlarının uzun-uzadı faciəvi lallığı dərdini çəkməkdən xilas elədi; o vaxt dövlət iqamətgahına buraxılan bir neçə adamın, onu saat ikidən bu yana, günün ən isti saatlarını keçirdiyi talvar kölgəsində, hörmə yelləncək kresloda oturan yerdə tapmağa ixtiyarı çatırdı; o, öz yelləncək kreslosunda otura-otura, yuxularının arasından – yaxınlıqdakı məktəbdə oxuyan qızların, sarayın bir o qədər də möhkəm mühafizə olunmayan arxa darvazalarına dırmaşıb onu – yuxusuz mürgülər içində gicgahında saralmış məlhəm otları tərpənmədən oturub qaldığı vəziyyətini müşahidə etməyini, sapsarı gün şüalarının, talvarın yarpaqları arasından üstünə süzüldüyündən, ala-pələng bəbirə oxşamağına, manterrayanın – «dəniz iblisinin» ağzı kimi açıq qalan ağzına baxdıqlarını görürdü. «Qoca kaftar!» - deyə qızlar onu cinlədir, o isə onların nə dediyini eşitmir, onlara, havanın titrək bürküsündən baxa-baxa, mehriban-mehriban əl eləyirdi; o, mığmığaların qulaqbatıran vızıltısını da eşitmirdi, o ümumiyyətlə heç nə eşitmirdi, bircə bataqlıqlar və dəniz xərçənglərinin iyini eşidirdi, bir də, toyuqların arada bir asta-asta dimdiklədiyi ayaqlarının barmaqlarını tərpərdirdi. Onun real dünyayla bircə əlaqəsi, cəmi-cümlətanı bir neçə qiymətli xatirələri idi, dövlət işlərindən uzaqlaşdığı gündən bəri o, bircə bu xatirələrlə yaşayır, heç nə fikirləşmədən, dumanlı hakimiyyət havasında gicəllənməklə məşğul olurdu: adamsız, tənha sarayın dəhlizləriylə sürünərək, boş kabinetlərdə gizləndiyi gecələr, orda məruzə vərəqlərinin kənarlarını qopararaq, boş haşiyələrində zərif xəttiylə sönük xatirələrini - onu ölümdən xilas edən xatirələrini yazdığı gecələr, qocalığın ölüm qorxusu yellərinə sinə gərib davam gətirməyə, ona yenə yalnız və yalnız bu xatirələr kömək olurdu.
Belə gecələrin birində o, öz zərif xəttiylə: «Mənim adım Sakariasdır!» - sözlərini yazdı, sonra bu sözü mayakın işığında ötəri oxudu, sonra bir də və bir də oxudu; o qədər oxudu ki, öz adı ona yad göründü. Sonra: «Axı bu, sənin nəyinə lazımdı?...» - deyə özü-özündən soruşdu və kağızı tikə-tikə cırıb yerə tökdü. «Mən elə mənəm!» Sonra ayrı kağız götürüb orda yazdı ki, yüz yaşı tamam olub; bu, həmin o dövr idi ki, kometanın ikinci gəlişi də baş vermişdi; əslinə qalsa, o özü buna dəqiq əmin deyildi, çünki kometaların gəlişlərini hansı dövrlər və neçə dəfə gördüyünü dəqiq xatırlamırdı; o biri kağız zolağında isə: «Namuslu döyüşdə yaralananlara eşq olsun, qəsbkarların tapdağı altında ölən cəsur döyüşçülərə eşq olsun!» yazdı; bu yazılar elə bir dövrə aid idi ki, o dövr haqqında indi nə desən, yazmaq olardı. Sonra o, bir parça karton götürüb: «Ayaqyolunda biabırçı əməllərlə məşğul olmaq qadağan edilsin.» – yazdı və kartonu aparıb ayaqyolunun qapısına yapışdırdı: həmin ayaqyolunun ki, bu yaxınlarda orda o, tamamilə təsadüfən yüksək rütbəli bir zabitin biədəb əl şuluqluğunun şahidi olmuşdu, sonra qayıdıb yenə yadına düşənləri bir-bir yazmağa başlamışdı. «Letisiya Nasareno, - o yazmışdı – mənim yeganə qanuni arvadımdır». Letisiya Nasareno həmin qadın idi ki, ona lap qoca vaxtlarında yazıb-oxumağı öyrətmişdi, odu ki, indi yaddaşında onun xatirəsini oyatmaq istəyirdi, cəmiyyət içində milli bayrağı xatırladan ikirəngli çətiri ilə, boynundakı qara tülkü dərisi ilə o biri qadınlardan fərqlənən birinci xanımın obrazını gözünün qarşısında canlandırmaq istəyirdisə də, arvadı onun yadına yalnız bir vəziyyətdə – çılpaq bədəni ilə miçətkənin arasında, günorta bürküsünün ağappaq işığı içində uzanan yerdə düşürdü; yadına, onun, elektrik ventilyatorunun sərin vıjıltısı altında uyuyan yumşaq, ağ bədəninin yuxulu cizgiləri düşürdü; onun döşünün bərkliyini, it iyinə bənzər iyini, iş üzü görməyən sütül qollarının qoltuğundan gələn kəskin tər iyini hiss edirdi; həmin o tər iyi ki, qoxusu südü çürüdürdü, qızılı paslandırırdı, gülləri soldururdu, lakin sevgi anlarında bu qollar nə qədər gözəl olurdu?!.. Letisiya Nasarenoya ağlasığmaz bir məsələni həll etmək müyəssər olmuşdu – sevgi saatlarında onu soyunmağa məcbur etmək. «Sən Allah, o, uzunboğazlarını çıxart – o deyirdi – yoxsa, mənim döşəkağılarımı bulayacaqsan». – O da onları soyunurdu. – «Sən Allah, o dəbilqələrini də soyun, yoxsa dəmir düymələrin ürəyimin başını deşəcək.» - o da onları soyunurdu, «Sən Allah, o qılıncını da, qayışını da çıxar, hamısını çıxar ki, səni hiss eləyə bilim, həyatım mənim.» - və o, nə əvvəllər, nə də Letisiya Nasarenodan sonra dünyada heç bir qadınla eləmədiyi kimi, əynində nə vardısa, hamısını çıxarıb bir kənara atırdı. «Mənim yeganə və həqiqi məhəbbətim» - deyə ah çəkir və ahlarını həmin o Nuh əyyamının uzun-uzun məruzələrinin kənarlarından soyub çıxardığı saralmış kağız zolaqlarına yazır, sonra bu zolaqları siqaret kimi bürmələyib sarayın içini dörd dolaşaraq, ən gizli yerlərində, dəlmə-deşiklərdə gizlədirdi; onları elə yerlərdə gizlədirdi ki, sonradan tapa bilsin. Odu ki, bu yazılar heç vaxt heç kim tərəfindən tapılmadı.
Letisiya Nasarenonun surəti də, bir gün onun yaddaş borularından süzülüb ha tərəfəsə axdı və onun yaddaşında tək bir xatirə – anası Bendisyon Alvaradonun xatirəsi qaldı; onun son günlərini, qayanın üstündəki malikanəsində, yamyaşıl artırmada, oğlu ölməyini başa düşməsin deyə, qucağındakı ləyəndə qarğıdalı dənələrini qarışdırıb toyuqları çağıra-çağıra, öz yelləncək kreslosunda oturan yerdə ölməyini, tamarinlərin kölgəsində asılmış tor yelləncəkdə yellənərkən, ağrıdan güclə nəfəs aldığını oğlu sezməsin deyə, öz ayaqlarıyla gedib ona meyvə şirəsi gətirməyini xatırladı; ona, heç kimin köməyi və iştirakı olmadan hamilə olan, onu təmtəkcə doğan; diri-diri çürüyüb irinlədiyi xəstə vaxtlarında dinib danışmayan, yalnız ağrıları dözüm kasasını daşdıranda, oğlundan, təbiətinə uyğun olmayan bir yazıqlıqla: «Bir kürəyimə bax, gör, orda nə var, niyə ora elə od tutub yanır, elə yanır ki, daha dözə bilmirəm!» - deyə xahiş edib köynəyini soyunaraq kürəyini ona sarı çevirərkən, dəhşətdən nəfəsi tutula-tutula, içində qurdlar qaynaşan üfunətli irinli yaralarını gördüyü anasını xatırladı.
Axı o dövrlər, pis vaxtlar idi, mənim generalım, o vaxtlar elə bir dövlət sirri deyilən elə bir məsələ yox idi ki, camaat ondan xəbər tutmasın, elə bir əmr yox idi ki, ona əmmasız əməl edilməsin. Ələlxüsus da bu, bayram süfərsinə ən lətif xörək kimi verilən general Rodriqo de Aqiların qovurmasından sonra məlum oldu. Lakin onu narahat eləyən, həyəcanlandıran, bu deyildi. Dövlət işlərindəki çətinliklər, Bendisyon Alvaradonun, oğlunun otağı ilə bitişik otaqda, xəstəliyin aramlı alovunda qovrulduğu vaxtlar bütün əhəmiyyətini itirmişdi; onu bura, xəstəliyinin, ağır vəba, qoturluq, yaxud ayrı bir naməlum asiya zəhrimarı olmadığı, bunun hansısa hindu cadusu olduğu və bu cadunun yalnız onu törədənlər tərəfindən aradan götürülməsinin mümkün olduğu, asiya xəstəliklərindən yaxşı baş çıxaran həkimlər tərəfindən müəyyənləşdiriləndən sonra yerləşdirmişdilər. Onda o, bunun ölüm olduğunu anlamışdı və səhər-axşam özünü anasına həsr eləməyə ithaf etmişdi, o, otağın qapısını isəri üzdən açarlayıb, arvada əsl ana qayğısıyla qulluq eləyirdi; o, böyük məmnuniyyətlə, özü çürüməyə hazır idi, təki heç kim anasının, diri-diri soxulcanlara yem olmasını görməsin; bu məqsədlə əmr də vermişdi ki, anasının bütün toyuqlarını, tovuzquşlarını, digər quşlarını saraya gətirsinlər, təki anası, öz kənd işləri üçün, evi üçün, həyəti üçün darıxmasın; anasının bədənindən gələn üfunətli irin iyini heç kim hiss etməsin deyə, bix ağacının ətirli budaqlarını öz əlləriylə yandırıb tüstülədirdi, bu yaralara öz əlləri ilə cürbəcür yaxmalar çəkir, anasının, buna qədər çəkdiyi digər yaxmalardan qızarıb saralan, göyərən bədənini, cadudan ölüm kimi qorxan səhiyyə nazirinin etirazlarına məhəl qoymadan, türk balzamıyla müalicə eləməyə çalışırdı. «Cəhənnəm olsun hamısı, - o, deyirdi – ikimiz də bir yerdə ölsəydik, pis olmazdı!»
Bendisyon Alvarado isə başa düşürdü ki, tək ölür, oğluna öz keçmişindən danışmağa tələsir, olub keçənləri, bütün sirli işlərini heç cür özüylə qəbir evinə aparmaq istəmirdi; oğluna, doğuşdan sonra içindən çıxarıln ciftin donuzlara atılmasından, küçədən ötüb keçən cavanlardan hansının, uşağın atası olduğunu müəyyənləşdirməyə çalışdığından, necə boylu olmağından – qəlyanaltıxananın arxa otağında çaxır çəlləklərinin arasında vızıldaşan gümüşü çalarlarlı göyümtül milçəklərin əlindən göz aça bilmədən, şlyapasını belə başından çıxarmağa macal tapmadan, ayaq üstə dayandığı yerdə hamilə olmasından danışdı. Vaxtından xeyli əvvəl, bir avqust səhəri, qadın monastrının darvazaları altında anadan olarkın, ətirşaha bənzər küçə fənərlərinin solğun işığında, körpənin yumurtalığının birinin əncil böyüklüyündə olduğunu gördüyündən danışdı. - «Sən ağlayırdın və işəyirdin, nəfəsin sinəndən, tuluq zurnasının səsinı çıxara-çıxara, qırıq-qırıq çıxırdı...» Bazar günləri anası onu meydana gətirir, monastr rahibələrinin ona bağışladığı əskiləri körpənin bədənindən açıb çılpaq uşağı camaata göstərirdi ki, bəlkə kimsə dəbəlikdən, raxitlikdən və sairədən müalicə üçün ona ucuz və etibarlı dərman adı məsləhət görə. Ona deyirdilər ki, hamısından yaxşısı, arı balıdı, deyirdilər, alın yazısını pozmaq olmaz, deyirdilər, uşaq böyüyəndə, nəfəsli alətlərdə çalmaqdan savayı əlindən hər iş gələcək; günlərin bir günü isə təsadüfən küçədən keçən qara-qışqırıqçı bir falçı uşağa yaxınlaşaraq, vay-şivən qoparanacan, körpəyə bir o qədər də məhəl qoyan olmadı. Falçı isə uşağa baxıb təəccüblə: «Bu uşağın ovcunda tale xətləri yoxdu ki?! Bu o deməkdi ki, körpə - padşah olacaq!» - demişdi. «Görürsən, demək o, səhv eləməmişdi, oğul…» - anası deyirdi; o isə anasının danışdığı bütün bu tarixi səlnamələri, can verən adamın sayıqlamaları hesab edərək, arvada yalvarırdı ki, keçmişdə olub-keçənləri az eşib-töksün, ondansa, bir az yuxulasın. O, anasına yalvara-yalvara, onu çit döşəkağıya səriyirdi və bu sayaq yaraları incitməyən çoxlu nazik və yumşaq döşəkağılar tikdirməyi əmr etmişdi. Gecələr anasını böyrü üstə uzadıb, ona, körpə uşağı yatıran tək, lay-lay deyir, qadınsa gözünə yuxu getmədən, əli sinəsində uzanıb qalırdı. – «Bax belə, anacan. Olub-keçənləri yada salmaq lazım deyil. Olan oldu, keçən keçdi, mən də, budu ha, gözünün qabağındayam.» O çalışırdı ki, anasının bu cür diri-diri çürüməsindən saraydan kənarda xəbər tutmasınlar; rəsmi dövlət mənbələri Bendisyon Alvaradonun xəstəliyi barədə saxta bülletenlər nəşr edir, bu bülletenləri ictimai yerlərdə carçılar bərkdən-bərkdən oxuyurdular, bu səbəbdən, prezidentin anasının əsl xəstəliyi barədə söz-söhbətin qabağını almaq heç cür mümkün olmurdu. Carçılar növbəti bülleteni oxuyandan sonra şifahi surətdə təsdiq edirdilər ki, can verənin otağından gələn üfunətli çürümə iyi axır vaxtlar o qədər kəskinləşib ki, həyətdəki cüzamlı xəstələr belə bu iyidən ordan baş götürüb qaçıblar. Onlar danışırdılar ki, can verən xəstəni, başı, yenicə kəsilmiş qoyunların qanında çimdirirlər, deyirdilər, arvadın altından yığılan döşəküzülərin irinli ləkələri qaynatmaqla da getmir, prezident özü isə heç fermaya da ayaq basmır, ən çətin məqamlarında baş çəkdiyi arvadlarına belə dəymir, deyirdilər prezident, anası üçün dua oxumağa gələn arxiyepiskopun özünü belə qapıdan qaytarararq: «Burda ölən-zad yoxdu, müqəddəs ata! Camaatın boş şaiyələrinə inanmayın!» - deyib.
O, üfunətli iyə məhəl qoymadan anasıyla bir nimçədən, bir qaşıqdan yeyir, hər axşam yatmamışdan əvvəl onu çimdirir, onu ən nəcib itin piyindən bişirilmiş sabunla sabunlayır, anasının vəsiyyətlərini – ölümündən sonra onun heyvanlarıyla necə rəftar edilməli olduğu, onlara necə qulluq göstərilməli olduğu barədə dediklərini ürəyinin başı sökülə-sökülədinləyir və bu söhbətlərdən kövrəlirdi. «Tovuzquşuların lələklərini qoparıb şlyapalara vurmağı qadağan edirəm...» - deyəndə, axırıncı kəlmədə anasınının səsi əsmişdi. O isə arvadın bədənini qətran yağı ilə yağlamağına davam edə-edə, onun bütün əmrlərinə: «Yaxşı, anacan.» - deyə cavab verirdi. «Quşları bayramlarda oxumağa məcbur eləməyin...» - «Yaxşı, ana.» - deyə o, söz verirdi və arvadı təmiz döşəkağıya səriyirdi. «Qasırğadan qabaq quş yuvalarından yumurtaları yığışdırın, yoxsa ətcəbalalar quşların altında qalıb boğular...» «Yaxşı, ana.» - o deyirdi və arvadın əlini ürəyinin üstünə qoyurdu. – «Sən rahat yat».
O, anasının alnından öpür, çarpayısının yanında döşəmənin üstünə uzanır, üzünü döşəməyə söykəyəyərək, arvadın yuxusunun istiqamətini izləyir, ölüm yaxınlaşdıqca, get-gedə məntiqə minən sonsuz sayıqlamalarını xüsusi bir diqqətlə dinləyirdi. Günlərin bir günü, sonsuz gecələrlə üst-üstə yığılan qəzəbi, kin-kudurəti, kədərli bir bazar ertəsinin sübhündə, sübhün vahiməli səssizliyində əriyib yoxa çıxdı. Həmin səhər o, yuxudan, doğma anası Bendisyon Alvaradonun nəfəsinin dayanmasına oyandı. Ayağa qalxıb, arvadın yara-xoralı bədəninə bürüdüyü döşəkağını açdı, bir müddət sübhün səsinə – ara-sıra eşidilən xoruz banlarına diqqət kəsildi, sonra qəfildən, səhərin bozumtul ala-toranında, döşəkağıda, anasının bədəninin qalan izi - qadın bədəninin heyrətamiz əksini – sağlam, cavan qadın bədəninin izini gördü; bu, həm də onun anası Bendisyon Alvaradonun – neçə müddətdən bəri əli sinəsində, böyrü üstə uzanıb qalan anası Bendisyonun bədəninin izi idi… anasının, eynilə beləcə, o biri döşəkağıda da sanki yağla çəkilmiş hamar və aydın izi qalmışdı və bu gözəl izdən, üfunət yox, otağın eybəcər, ağır xəstəxana havasına bənzər havasını təmizləyən diri çiçəklərin incə ətri gəlirdi; sonradan bu döşəkağıları sodayla qaynadaraq, ha cürbəcür sabunlarla yuyurdularsa da, arvadın bədəninin izi, döşəkağının nə üzündən, nə də astarından getmirdi ki, getmirdi; bu iz, parçanın az qala saplarının canına yerimişdi, onun ayrılmaz, silinməz hissəsinə çevrilmişdi. Lakin, binəva oğul bu möcüzənin mənasını və əhəmiyyətini ilk anlar ona görə dərk edə bilmədi ki, bütün vücuduyla ölümə qarşı nifrət və qəzəbdən sarsılmışdı; o, qəzəbdən boğula-boğula, qapını çırpıb anasının otağını tərk etdi və bu zərbə, topdan atılan yaylım atəşi kimi bütün sarayı titrətdi. Elə həmin dəqiqə kilsənin matəm zəngləri çalınmağa başladı, bu zənglərin səsinə o biri kilsələr də qoşuldu və ölkənin dörd bir yanından göyə matəm zəngləri ucaldı. Bu zənglər yüz gün dalbadal – yüz gecə və yüz gündüz, fasiləsiz çalındı. Zəngələrin elə birinci çalınmasından camaat, bədənləri üşünə-üşünə anladı ki, o, yenə öz taxtında – iş başındadı, anladılar ki, onun ölüm qarşısında müvəqqəti olaraq, acizləşən dəfolunmaz qəlbi yenidən güc toplayıb yer üzündə dərrakə və insan ləyaqəti deyilən hər nə varsa, hamısına qarşı bir az da qəddarlaşıb və bu dəfəki qəddarlaşmanın səbəbi – iyirmi üç fevral, bazar ertəsinin sübh çağı vəfat edən Bendisyon Alvaradonun faciəli ölümüdü.
Bendisyon Alvaradonun ölümü ilə ölkə tamamilə yeni - qarmaqarışıq, narahat bir əsrə qədəm qoydu. Bizlərdən heç birimiz o qədər qoca deyildi ki, onun anasının dəfn tarixini dəqiq yadında saxlasın, lakin bu dəfn mərasimi haqda söz-söhbətlər bizim vaxtlara gəlib çatmışdı. Biz bilirdik ki, o, bir daha əvvəlki kimi, anasının sağlığında olduğu kimi olmayacaq – öz keçmiş həyat tərzinə qayıdacaq. Onün bu yetimçilik əhvalını nəyinki, həmin o yüz gün ərzində, sonralar da pozmağa heç kimin cürəti çamadı və o, özü də bu hüznlü sarayın – əbədi kədərə qərq olmuş bu qəm səltənətinin, matəm zənglərinin əbədi olaraq donub qaldığı, saatların, yalnız bir vaxtı – Bendisyon Alvaradonun ölüm vaxtını göstərdiyi, hamının ağır –ağır köks ötürə-ötürə danışdığı, qarovulun ayağıyalın gəzdiyi, rejimin ilk günlərindən toyuqlara azadlıq verildiyi, o matəmli gündən sonra görünməz adama çevrilən, qəlbi gücsüzlükdən və ələmdən qan axıdan monarxın icazəsi olmadan, heç bir hərəkətə icazə verilmədiyi sarayın sakinlərinin gözünə görünmədi; həmin vaxtlar isə, həyatın, ölümün çürüdə biləcəyindən daha pis çürütdüyü bədəniylə buzla bərkidilmiş taxta tilişkələri ilə dolu tabutda yatan anası təntənəli matəm izdihamının çiynində ölkənin ən ucqar məhəllələrinə aparılırdı ki, hər kəs mərhuməylə son vida görüşünün şərəfinə nail ola bilsin. Külək, hər tərəfdən asılmış matəm bayraqlarını yellədir, cənazəni, zəhlətökən, darıxdırıcı matəm musiqisi ilə, bir vaxtlar prezident qatarını dinməz üzlərlə qarşılayan həmin camaat qarşıladı; cənazə, bir vaxtlar darvazaları önündə hansısa alverçi-qadının, sonradan padşah olacaq körpəsini doğduğu monastran girəcəyinə də qoyuldu; bu münasibətlə, monastrın həmişəbağlı darvazaları, bəlkə də yüz il ərzində birinci dəfə taybatay açıldı, atlı əsgərlər hinduları, mal sürülərini qovan kimi, məbədin qapılarına sarı qovdular, camaatı tüfəng qundaqlarıyla döyə-döyə sürükləyib monastrın içinə saldılar, içəridə isə camaat, pəncərələrin şəbəkəli şüşələrinin rənglərindən sıxıla-sıxıla, zər-xarlı geyimli doqquz yepiskopun, mərhumənin ruhuna oxuduqları dualar altında döyüküb qaldılar. Kilsə xoru «Allah dərgahına doğru»nu oxuyur, məbədin çölündə yağış yağır və yağa-yağa, bir vaxtlar padşah olacaq uşağın doğulduğu gün təzəcə cücərməyə başlayan ətirşahları sulayır, monastır xadimələri, şərab və donuz qabırğaları, təsbeh və içinə müqəddəs su yığılmış şüşələr satır, alver hər pationun, daşdan hörülmüş girəcəyində gedir, yeməkxanalarda musiqi çalınır, arakəsmələrdə şıdırğı rəqs gedirdi; sonu, qurtaracağı olmayan bir bazar günü idi; uzun illərdən bəri gözlənilən bayram şənliyi gəlib yetmişdi; bu şənlik, bir vaxt Bendisyon Alvaradonun gümrah vaxtlarında, oğlunun ardınca federasiya uğrunda mübarizəyə getdiyi həmin gizli cığırlarla, dumanlı dərələrlə irəliləməkdəydi. Həmin o odlu-alovlu müharibə illəri o, tersiananın* odlu titrəməsindən yerə yıxılanda, anası qoymamışdı ki, oğlu ordu atlarının tapdağı altında qalıb əzilsin, naməlum, yad dənizin sahillərində yaşayan əhali üçün qorxulu olan təhlükələri əvvəlcədən duyub anlamağı da oğluna anası öyrətmişdi; arvad vitse-kralların abidələrindən, ümumiyyətlə, heykəllərdən yaman qorxurdu, bir də xərçənglərdən qorxurdu, ona nəyə görəsə elə gəlirdi ki, xərçənglər körpələrin göz yaşını içir; həmin o taleyüklü gecə, bomboz yağışlar dumanı içində əriyib itən nəhəng Hökumət Evini görəndə isə arvadın, həyəcandan əl-ayağı əsib titrəmişdi və o gecə arvadın heç ağlına belə gəlməzdi ki, nə vaxtsa bir gün o, elə həmin bu binada, oğlunun, üzü üstə döşəməyə düşərək, qəzəbdən boğula-boğula, dönə-dönə özü-özünə: «Sən hara ilim-ilim itdin lənət şeytana ana bu seyrək kol-kosun içində necə azdın indi üzünə yığılan milçəkləri kim qovacaq?» - deyə inildəyəcəyi həmin bu möhtəşəm sarayda öləcək.
O, ağır-ağır köks ötürür, Bendisyon Alvarado isə həmin məqam, öz tabutunda - platan yarpaqlarından hörülmüş örtüyün altında üfunətli iylər saçan bataqlığın içi ilə irəliləyən izdihamın çiyinləri üstə üzür, üzə-üzə, arada bir gah hansısa kənd məktəbinə, gah səhralıqdakı şor yığılan baraka, gah da ucqar bir hindu kəndinə qonaq oldur, kəndlərin ən gözəl evlərinə daxil olurdu; tabutun önünə, Bendisyonun gənclik illərinin portreti qoyulurdu: bu portretdə Bendisyon ona görə gözəl və ecazkar görünürdü ki, portret çəkilən gün, zorla da olsa, yaxalığına naxışlı diadema taxmağa, üzünü pudralamağa, dodaqlarını boyamağa icazə vermişdi, ömründə ilk dəfə əlində zanbaq tutmuşdu. - «Əlinizdəki gülü elə yox, bax belə tutun, senyora! Onu, guya bilməyərəkdən ətəyinizə salın...» - ona demişdilər və həmin bu pozada şəklini, Avropa monarxlarının şəklini çəkən venetsiyalı fotoqraf çəkmişdi; bu portreti də – dövlətin bir nömrəli xanımının portretini həmin o venetsiyalı düzəltmişdi; portreti bu səbəbdən tabutla yanaşı qoyurdular ki, sübut olsun ki, tabutda yatan, həqiqətən Bendisyon Alvaradonun özüdür və camaat, şəkillə tabutdakı üzü tutuşdurub uyğunlaşdıra bilsin. Bir sözlə, hər şey əvvəlcədən düşünülmüşdü: meyitin vəziyyəti ciddi nəzarət altındaydı, dərisinə çəkilmiş kosmetika və parafin layı vaxtı-vaxtında dəyişilir, yağışlar vaxtı mərhumənin göz dəliklərinə yığılan kif təmizlənirdi; ordu dərziləri mərhumənin paltarına elə nəzarət edirdilər ki, baxanda, adama elə gəlirdi, meyiti indicə geyindirib bəzəyiblər; meyitin başındakı (qız vaxtı taxmağa müyəssər olmadığı) ağappaq bakirəlik fatasının təmizliyinə də onlar nəzarət edirdilər.
«Qoy bu bütpərəstlərdən bircəsi belə desin ki, sən öz portretinə oxşamırsan, ana!» Əsrlər ötdükcə, burda - hakimiyyətin yalnız və yalnız ona məxsus olduğunu unutmağa heç kimin haqqı olmadığı bu məmləkətin ən kasıb kəndlərində, ən ucqar, çəngəllik meşələrində belə, hakimiyyətin yenə yalınz və yalnız ona məxsus olacağına heç kimin şübhə eləyə bilmədiyi kimi, buna da kiminsə şübhə eləməyə cəsarəti çatmazdı. Günlərin bir günü, gecənin bir yarısı, bu məmləkətin gözdən-könüldən uzaq, sakit yerlərindən birində, sanki Nuh əyyamından qalmış yelkənli gəmi peyda oldu, avarlarını suda şappıldada - şappıldada, göyərtəsində ara-sıra yanan işıqlarıyla qaranlıqlarda görünüb yox oldu; sahildəki camaat, keçmiş, gözəl günlərin yenidən geriyə döndüyünü zənn edərək, gəmini, bayram təbillərini vura-vura qarşıladı. «Yaşasın əsl kişi!» - yer-yerdən qışqırıqlar eşidildi. Haqq naminə geri dönənə eşq olsun!» Sonra camaat suya doluşdu, üzə-üzə gəmiyə can atdılar ki, ora cürbəcür, şirəli meyvələr və ayrı yeməklər çatdırsınlar. Onlar, gəminin naxışlı haşiyəli məhəccərlərinə dırmaşıb ordan göyərtəyə soxulurdular ki, üzüb gətirdikləri nemətləri, vətənin taleyini adətən domino oyunlarında həll edən dövlət başçısının ayaqları altına düzsünlər; lakinin bunun əvəzinə, onları tabutun önünə çəkib gətirdilər. Camaat heyrət içində, daş duz və buz qırıntılarıyla bəzədilmiş tabutun önündə donub qalırdı; tabut isə prezident kayutunun tən ortasında, dörd bir tərəfi güzgülü otaqda qoyulmuşdu ki, güzgülü divarlarda birə on çox görünsün.
Beləcə, bu qədim gəzinti gəmisi bir neçə ay, zamanın yuyub Yer üzündən sildiyi muvəqqəti adaların yanından ötüb keçə-keçə, elə bir uzun-uzadı səyahət elədi ki, axırda saysız-hesabsız axınların töküldüyü vahiməli, sulu çəngəlliklər içində, həmişəyaşıl çiçəklərin ağlı başdan çıxardığı yerdə, zamanın qurtaracaq nöqtəsində azdı və elə orda, dünyanın axırında dayazlıqda lövbər saldı, taxta çarxlarının pərləri qızılı qumda xırçıldayıb sındı, gəmi yarıyacan lehməyə batdı, döyülmüş buz da, daş duz da əriyib axdı, mərhumənin meyiti şişib taxta tilişkələrin arasında yırğalandı. - «Və elə həmin o an möcüzə baş verdi, mənim generalım! Məhz həmin o dəqiqə biz baxıb gördük ki, o, gözlərini açdı… gördük ki, onun gözləri yanvarda açılan akonita çiçəyi kimi, ay daşı kimi işım-işım işıldayır. Biz hamımız bir nəfər kimi, onun nəfəsindən, tabutun şəffaf şüşəli qapağının tərlədiyini, üzü tər damcılarıyla örtüldüyünü gördük… sonra bir də baxıb gördük ki, o, gülümsəyir... Siz təsəvvürünüzə belə gətirə bilməzsiniz, onda orda nələr baş verdi, mənim generalım, ağlınıza belə gətirə bilməzsiniz, biz hansı təlatümlərin şahidi olduq, öz gözlərimizlə nələr gördük?!.. Qısır madyanlar elə ordaca balaladılar, qupquru şoranlıqda şapan-şapan güllər açdı, lal-karlar öz səslərindən döyüküb qaldılar, «Möcüzə! Möcüzə! Möcüzə!» - deyə beşcə dəqiqə qabaq lal-kar olan adamlar çığırışdı, camaat hücum çəkib tabutun qapağını xıncım-xıncım sökdü, mərhumənin bədənini az qala tikə-parça elədi, çünki hər adam tabutdan yadigar kimi nə isə götürmək istəyirdi: odu ki, bir batalyon əsgər göndərməli olduq ki, ağlı başından çıxmış kütləni bir təhər sakitləşdirsinlər. Camaat dörd bir yandan, bütün Qəraib adalarından gəmiyə axışmağa başladı – sizin ananız Bendisyon Alvaradonun, ilahidən ona verilmiş, təbiət qanunlarına sinə gərə bilən sehrli qüvvə alması xəbərini eşidənlərin ardı-arası kəsilmirdi. Bu adamlar, ananızın kəfəninin saplarını belə satdılar, bu sapdan tikilmiş duaları, tabutun içinə yığılmış suyu, onun müqəddəs kraliça libasında təsvir olunmuş kağız ikonalarını satdılar, camaat isə bir ucdan elə hey axışıb gəlirdi, dəhşətli basabas yaranırdı, itələşə-itələşə özlərini gəmiyə təpənlər, sanki adam yox, qabağına çıxan hər bir şeyi təpikləyib dağıdan, ayaq səsləri zəlzələ səsini xatırladan şüursuz, vəhşi öküz sürüsü idi. Siz o səsləri elə indi də eşidə bilərsiz, mənim generalım, diqqətlə qulaq assanız, elə burdan eşidə bilərsiz. Qulaq asın!» Onda o, ovuclarını bardaq kimi büküb, uğultusu bir qədər azalan qulağına tutdu, diqqətlə sakitliyə qulaq asdı və göy gurultusunun uğultusnu andıran - «İlahi, anam mənim, Bendisyon Alvarado!» - deyən səsləri eşitdi, sonra pəncərədən, nəhəng adam kütləsini, üfüqəcən yeri-göyü tutan, işıq seli kimi saraya yaxınlaşmaqda olan yanar şam axınını – gurultulu izdihamı gördü…. Bu, onun anası idi, onun canı-ciyəri Bendisyon Alvarado… doğulub boya-başa çatdığı, ömrü boyu qorxub çəkindiyi ətürpədən xatirələrindən bədəni lərzəyə gəldiyi aran yerlərinə qayıdırdı; şəhərə ilk dəfə gəldiyi kimi, yenə çiyinlərdə daxil olurdu; o vaxt bu təşrif, dörd bir yanın qanlı ət iyi verən qızğın müharibə günlərinə təsadüf eləmişdi, amma indi Bendisyon Alvaradonu şəhərə dinc əhali gətirib gəlirdi; bu şəhərdə daha nədənsə qorxmalı bir şey yox idi, çünki oğlu əmr vermişdi ki, bütün tədris kitablarından vitse-krallar haqqında yazılmış səhifələr qoparılsın, abidələr məhv edilsin, - «Və ümumiyyətlə, sənin yuxuna haram qatan bütün abidələr məhv ediləcək!» Onu, tabutda yox, elə-beləcə açıq göyün altında, yalın çiyinlərində aparan dinc kütlənin arasında daha qorxudacaq bir şey yox idi; cənazə, üstünə dağ hündürlüyündə yığılan qızıl hədiyyələrin altında itib bata-bata, uzun-uzadı vaxtlardan bəri kədər içində uyuyan meşələrdən, düzlərdən, dağlardan keçib gedirdi; iflic xəstələrin qızıldan düzəldilmiş qoltuq ağacları, gəmi qəzalarından qurtulanların qızıl ulduzları, uzun müddətdən bəri sonsuzluq dərdindən üzüldükləri halda, birdən-birə yaxınlıqdakı kolluqda təcili surətdə uşaq doğan qadınların Bendisyon Alvaradoya hədiyyə etdiyi qızıl gəlinciklər meyitin üstünə qalanmışdı. O yenə həmin o müharibə illərindəki kimi, adam axınının mərkəzində, dünyanı alt-üst edə biləcək möhtəşəm izdihamın tən ortasında idi, Bibliya köçərilərinə bənzər insan dənizinin – mal-qara sürülərini başlı-başına buraxıb, qoltuqlarında mətbəx ləvazimatları, həyatlarının qalan hissəsini harda, necə keçirəcəkləri özlərinə də məlum olmayan çaşqın adamların arasındaydı; bu adamların bircə ümidi – bir vaxt hadisələrin ən qızğın çağında bu yerlərə federalizm ideyalarından çox, dənizin nə olduğunu görmək arzusuyla gələn və başına qırmızı lent bağlayaraq: «Yaşasın liberal partiyası! Yaşasın felderalistlər, lənət şeytana!» - deyib çığıran oğlunu güllədən qoruyan Bendisyon Alvaradonun möcüzəli dualarına idi. Bendisyon Alvaradonun meyitini şəhərə gətirən dilənçilər ordusu, ölkəni mütəmadi olaraq, çapıb talayan o biri quldur dəstələrinin hamısından məsuliyyətsiz və şüursuz idilər; «Bu, sizin hakimiyyətiniz dövründə öz gözlərimizlə gördüklərimizin ən dəhşətlisi idi, mənim generalım! Dünya üzü hələ belə şey görməmişdi. - Siz bir baxın, mənim generalım, görün, bu, nə möcüzədi!» Və o, nəhayət başa düşdü ki, yer üzündə həqiqətən möcüzə var, odu ki, qolunda qara matəm lenti, sapsarı hiddətli hüzn içində, anası Bendisyon Alvaradonun bütün xeyirxahlıqlarının müqəddəs möcüzələr olduğunu və bu möcüzəni var gücü və bütün dövlət imkanlarıyla sübuta yetirməyin vacib olduğunu anladı. Bu məqsədlə o, ən savadlı nazirləri Romaya göndərərərək, Roma Papasının nunsisini öz hüzuruna - bir fincan şokoladla peçeniye içməyə dəvət elədi. O, onu çox sadə şəkildə – diri güllərdən yığılan talvarın altındakı tor yelləncəyində köynəksiz-filansız oturan yerdə, üzünü şlyapasıyla yelləyə-yelləyə qəbul elədi; nunsi onunla üzbəüz, təklif olunan yelləncək kresloda əyləşdi. – «Bu kresloda əyləşməyi mən yalnız sizə təklif edirəm, müqəddəs ata!» - deyə o, isti şokaladla dolu fincanı əlinə götürüb xırda qurtumlarla içə-içə söhbətə başladı. Nunsi, təzəcə ütülənmiş sutanada* idi, ondan sütül lavanda iyi gəlirdi; bu yerlərə məxsus tropik sıxıntıya, bürküyə, tozanağa və rəhmətlik Bendisyonun quşlarının, ara-sıra talvarın işıqlı məsamələrindən aşağı damızdırdıqları nəcisə məhəl qoymadan, laqeyd üzüylə ona qulaq asırdı. O, şokoladı qız utancaqlığıyla içir, peçenyeni qəsdən aramla çeynəyirdi ki, şokaladın son qurtumunu udub söhbətə başlayacağı anı bir qədər uzatsın. Nunsi, uzun illər bundan əvvəl, əməköməcinin çiçəkləməyə başladığı gözəl günlərin birində başqa bir nunsinin – sadəlövh qocanın oturduğu həmin kresloda əyləşmişdi və öz həmsöhbətinin diqqətini xristian dininə cəlb edərək, Foma Akvinskinin fitri vergilərini təhlil etməklə məşğul idi. - «İndi isə mən sizi bir məsələdən agah eləməliyəm, müqəddəs ata. Sən saydağını say, gör fələk nə sayır! - deyirlər. İş elə gətirdi ki, daha mən də dindar oldum... Daha mən də dindar olmuşam». – O, gözlərini belə qırpmadan, əvvəlki kimi nə Allaha, nə İblisə, ümumiyyətlə, bu işıqlı dünyada heç nəyə inanmasa da, tək bircə şeyə inanırdı: - anası Bendisyon Alvaradonun, bütün həyatı boyu nümayiş etdirdiyi fanatikliyinə və bu nümunəvi həyat fəaliyyətinə görə müqəddəs simalar sırasına daxil edilə biləcəyinə. Anasının müqəddəsliyni sübut etmək üçün o, nə camaatın uydurduğu şişirdilmiş əfsanələrə – məsələn, guya mərhumənin meyiti aparılarkən, qütb ulduzunun, matəm izdihamının səmtinə yönələrək, onunla bir hərəkət eləməsinə, nə də, guya ayrı-ayrı yerlərdə musiqi alətlərinin özü-özlərinə çalmasına əsaslanmadı. Onun arxalandığı əsas dəlil - Bendisyon Alvaradonun can üstə olarkən bədəninin izi qaldığı ağ döşəkağı idi, həmin bu nazik, çit döşəkağı, qəribəydi ki, qadının yara-xoralı qoca vaxtının yox, gözəl cavanlıq illərinin bədən izlərini - qadının, sağlığındakı kimi, əli sinəsində, böyrü üstə uzanmış vəziyyətini olduğu şəkildə qoruyub saxlamışdı; oğlu, onun, incə güllərin ətirli qoxusunu andıran canlı tər qoxusunu duya-duya, bu möcüzənin sehrindən həyəcanlanıb cuşa gələrək, civildəşən quşların səsini dinləyə-dinləyə, döşəkağıda qalan möcüzəli izi barmağıyla sığallayır, «Bir baxın, müqəddəs ata! Möcüzədi! Quşlar da onu tanıyır!..» – deyərək, nunsiyə, qadının. döşəkağının həm üzündə, həm astarında qalan əksini göstərirdi; lakin nunsi diqqətcil və sayıq idi, odu ki, döşəkağıda ustad rəssamların əl işlərini – vulkan külündən düzəldilmiş təsvirləri, şəkillərdə süni çatlar yaratmaq ustası olan ara rəssamların sənətkarlığını asanca seçdi və bu tapıntısına ürəyində bircə gilə belə olsun tərəddüd eləmirdi; bütün bunlar, rənglərin oynaq çalarlarından bəlli olurdu; nunsi, dünyanın harmoniyasını və gözəlliyini, vaxtın getmək əvəzinə, həzin-həzin üzdüyü bir yerdə – təbiət muzeyində, Yer kürəsinin dairəvi cizgilərini ləzzətlə müşahidə etdikcə anlamışdı; odu ki, nəhayət, gözünü döşəkağıdan çəkməyi qərara alıb mülayim, həm də konkret şəkildə bildirdi ki, çitin üzərinə həkk olunmuş qadın bədəni heç də Allahın gizli niyyətinin məhsulu deyil: «Qətiyyən elə deyil, əla həzrətləri! Bu, öz peşəsində olduğu kimi, fırıldaqçılıq sənətində də əli gətirən hansısa çevik rəssamın əl işidi. Rəssam sizin sadəlövhlüyünüzdən istifadə edərək, yağlı boyaların yerinə, divar rənglənən keyfiyyətsiz rənglərlə işləyib, əla həzrətləri! Bu rəngləri adi skipidardan düzəldirlər, sonra ona təbii kauçuk, gips əlavə edirlər... bu da onun qurumuş qabığı... kətanın həmişənəmiş vəziyyəti isə, sizə deyildiyi kimi, ananızın təri yox, rənglərin tünd düşdüyü yerlərin zeytun yağından islanmasıdır. Odur ki, mən ürəkdən təəssüf edirəm, əla həzrətləri!» Sidq-ürəkdən kədərlənmiş nunsi, tor yelləncəyində otura-otura gözünü qırpmadan, bircə dəfə belə olsun, sözünü kəsmədən, ona qəribə, asiyasayağı tərkidünyalıq vəziyyətində, dinməz-söyləməz baxan, qulaq asdıqca, donub daşlaşan qocaya bundan artıq daha heç nə deyə bilmədi.
O, döşəküzünün möcüzəli çevrilmələrini öz gözləriylə, öz iki gözüylə gördüyünə baxmayaraq, nunsinin bircə sözünə belə etiraz eləmədi, ağzını açmaq üçün dodaqlarını belə tərpətmədi: - «Axı, səni o döşəkağıya mən özüm bükmüşdüm, anam mənim, bax, bu əllərimlə bükümüşdüm, həmin o sübh çağı yuxudan oyananda, dünyanı alt-üçt edib sanki dənizin dibinə çökdürən ölümünün sakitliyində həmin o möcüzənin şahidi mən olmuşdum axı, lənət şeytana!..»
Bütün bunların heç birini o, nunsiyə demədi, iquana kipriklərini çalmadan, gözünü ikicə dəfə qırpdı, zəif-zəif gülümsədi, sonra içini çəkib yavaşca: «Yaxşı, atacan, qoy siz deyən kimi olsun. Amma, sizi xəbərdar edirəm ki, dediyiniz bu sözlərin məsuliyyətini ömrünüzün son gününəcən daşımalı olacaqsız. Sözbəsöz təkrar edirəm: bir daha heç vaxt, heç yerdə, qəbir evinəcən, dediklərimi unutmayın: siz, bütün ömrünüz boyu dediyiniz bu sözlərin məsuliyyətini daşımalı olacaqsız. Mən, daha sizə cavabdeh deyiləm, müqəddəs ata!» - dedi. Həmin o bəd həftə elə bil dünya nəfəsini içinə çəkib dondu, o isə bütün həftəni dilinə çörək vurmadan, tor yelləncəkdə uzanıb yellənə-yellənə, çiynində oturmağa adət edən quşları yelpiklə qova-qova, arada bir talvarın məsamələrindən düşən gün şüalarını da quş bilib onları da yelpiklə hürküdə-hürküdə keçirdi. O həftə ərzində nə bir adam qəbul edildi, nə bir əmr verildi; ictimai asayişi qoruyan idarələrin fəaliyyətsizliyi üzündən isə bir dəstə fanatiklər ordusu Apostolik nunsiaturaya basqın etdi, nunsiaturanın muzeylərindəki tarixi sərvətlər darmadağın edildi, siestanın bu saatlarında adəti üzrə içəri həyətin hovuzunda dincələn nunsiyə hücum edildi, onu yaxalayıb, lümlüt soyundurdular, küçəyə çıxarıb orda, camaatın gözü qarşısında başına min bir oyun açdılar. – «Təsəvvürünüzə gətirirsiz, mənim generalım?» O, bu xəbərlərə, yenə öz tor yelləncəyində oturduğu yerdə, yerindən tərpənmədən, qaşının ucunu belə tərpətmədən, qulaq asdı, nunsinin, eşşəyə mindirilib, küçələr boyu gəzdirilə-gəzdirilə pəncərələrdən başına çirkab suları tökülə-tökülə, camaatın dörd bir yandan ona: «Ey, Vatikan xanımı, bəlkə bir uşaq doğasan, ay yekəqarın!» - deyib çığırması xəbərini də beləcə, sakit üzlə qarşıladı və nəhayət, xəbər gələndə ki, nunsiyi yarımcan vəziyyətdə sürütləyib bazarın zibil yığnağına atıblar və indi o, orda min bir üfunətli zir-zibilin içində ölümcül vəziyyətdə qalıb, o, nəhayət tor yelləncəyindən qalxıb çiyninə qonan quşları milçək kimi üstündən qova-qova iclas zalına yollandı. O, ora, qolundakı qara, matəm lentini açmadan, üzündəki hüzür örtüyünü sanki əlləriylə soyub daxil oldu. Yuxusuzluqdan altı tuluqlanmış gözləriylə dörd bir yanına baxıb, nunsi üçün xüsusi sal qayırılmasını və onun, üçgünlük ərzaq ehtiyatıyla həmin sala mindirilərək, Avrop sarıdan gələn gəmilərin yolu üstündə açıq dənizin ortasına buraxılmasını əmr etdi ki, vətənin qüdrətinə toxunan yadelli gəlmələrin axırının nə ilə qurtardığını hamı öz gözləriylə görsün. «Qoy Papa birdəfəlik sırğa eləyib assın qulağından ki, o, öz Romasında, qızıl taxtında Papadı, daha burda yox, lənət şeytana!» Bu kəskin tədbirin əməlli-başlı nəticəsi oldu və o biri ilin axırına yaxın Bendisyon Alvaradonun müqəddəs simalar sırasına düşməsi – kanonizasiyası məsələsinə yenidən baxıldı. Ölməz bədənin ziyarətinə icazə verildi və tabut, kafedral kilsənin baş kürsüsündə qoyuldu, xor həmd-səna oxudu, Vatikana elan edilmiş müharibə vəziyyətinə son qoyuldu, Armas meydanına toplaşan camaat Allaha şükür edir, əldə edilmiş sülh münasibətiylə şüarlar səsləndirirdilər; təcili surətdə ritual konqreqasiya auditoru Müqəddəslər Müqəddəsindən, prokurordan və Bendisyon Alvaradonun müqəddəsliyinə şübhə qalmasın deyə, onun həyatını bütün incəliyinəcən öyrənmək üçün gələn eritreyalıların* postulatoru, monsenyor Demetrio Aldousdan müsahibələr alındı. «Siz burda istədiyniz qədər qala bilərsiz,» - deyə prezident eritreyalının əlini əlinin içində saxlaya-saxlaya, qəhvəyi dərili bu afrikalının qəlbinə yol axtara-axtara danışırdı; işin yaxşı tərəfi o idi ki, həmin bu eritreyalı, həyatı çox sevirdi, iquana yumurtası yeyir, xoruz döyüşü üçün, mulat qadınlarının ehtiraslı rəqsləri üçün, bir sözlə, hamımızın həzz aldığımız şeylər üçün, mənim generalım, o da sino gedirdi. Odu ki, bu ilahiyyatçının üzünə bağlı qalan qapı olmadı, üstəlik, belə bir sərəncam da verildi ki, ona heç kim mane olmasın, qoy o, öz gözləriylə görsün ki, bu sonsuz qəm dəryasına qərq olan vilayətdə insan gözündən kənarda qala biləcək bir şey yoxdu, Bendisyon Alvaradonun, yuxarı qüvvələr tərəfindən bəxş edilmiş müqəddəsliyini şübhə altında saxlaya biləcək bir şey yoxdur. – «Bütün ölkə sizin ixtiyarınızdadır, müqəddəs ata – buyurun, baxın!»
Əsgərlər qarşısında, öz cavan, təmiz dərilərini nümayiş etdirməyə gələn cüzamlılıarla dolu Apostolik nunsiaturada səliqə-səhman işləri aparırdılar; müqəddəs Vitta rəqsindən şəfa tapanlar, bu möcüzəyə inanmayanlara, iynələri göz qırpımında saplamaqlarını nümayiş etdirirdilər; ruletka oyunundan dövlətlənənlər öz uduşlarının səbəbini, yuxularına girib onlara uduş nömrələrini qabaqcadan söyləyən Bendisyon Alvaradonun köməyi ilə izah edirdilər; nunsiaturanın həyətinə, xəbərsiz itənlərini axtaranlar, suda boğulanların meyitlərini tapanlar, əvvəllər acından günorta duran, indi var-dövləti başından aşanlar gəlirdi və bu adam axını ardı-arası kəsilmədən, bir vaxtlar kannibalları qoşalülə tüfənglə məhv edən Uolter Reylicin qədim tısbağa çanaqlarıyla bəzədilmiş kabinetindən keçib gedir, həmin bu kabinetdə oturan yorulmaz eritreyalı, heç kimdən heç nə soruşmadan, heç bir mükaliməyə girişmədən, laqeyd üzüylə hamıya qulaq asır, tər içində üzə-üzə, yüzlərlə adam bədəninin iyinə, kabinetin havasızlığına məhəl qoymadan, ucsuz siqaretlərdən birini o birinə calaya-calaya, Bendisyon Alvaradonun müqəddəsliyinin şahidlərinin dediklərini diqqətlə vərəqə köçürür, sonra onların hər birini ya adını yazmağa, ya hansısa işarəylə, yaxud, barmağının iziylə imza atmağa məcbur edirdi. – «Eynilə sizin kimi, mənim generalım!» Hərə öz imzasını bacardığı kimi atıb həmin dəqiqə otaqdan çıxır, içəri, bayaqkından heç nəyi ilə fərqlənməyən başqa birisi daxil olur və budu ha, başlanırdı: «Məni vərəm tutmuşdu, müqəddəs ata.» – «Məni vərəm tutmuşdu…» – o biri sözünün dalını gətirənəcən eritreyalı yazırdı – «İndi isə qulaq asın, görün, mən necə oxuyuram!» Bir başqası daxil olur: «Mən kişilikdən düşmüşdüm, müqəddəs ata. – deyirdi. – İndi isə budur, baxın. İndi səhər-axşam elə bu kökdə də gəzirəm». – «Mən kişilikdən düşmüşdüm.» – eritreyalı silinməyən mürəkkəblə yazırdı ki, bu yazıları insanlıq tarixinin sonunacan heç kim poza bilməsin. «Mənim qarnımda diri heyvan böyüyürdü, müqəddəs ata.» – «Mənim qarnımda diri heyvan böyüyürdü.» – o biri tünd qəhvədən içib gözünün acısını ovuda-ovuda, növbəti siqarın odlu kötüyünün tüstüsünü ciyərlərinə çəkə-çəkə, yenilməz, tərli sinəsini qabağa verib yazırdı. – «Bu kahin əsl kişidi, mənim generalım!» – «Bəli, senyor, o, əsl kişi idi. Belə kişilər indi çətin ələ düşər». Auditor, bircə dəqiqə başını yuxarı qaldırmadan, axşamacan fasiləsiz-filansız çalışır, gecə düşəndə belə istirahət eləmir, çimib, yamağı-yamağa calanan kətan cübbəsində, acından üzülən vücuduyla liman hamballarına qoşularaq, uzun taxta stolun arxasında oturub it yalına bənzər şorbadan içir, qızardılmış balığın pulunu əliylə təmizləyir, qaranlığa işıq saçan tıxlarını dişiylə qoparır, şorbanı hindular kimi qaşıqsız-filansız, eləcə kasadan başına çəkirdi. «Siz bir onu görəydiniz, mənim generalım, o qarmaqarışığın, o boyda millətin içində, marimonda* və yaşıl qvineo yükünü, dənizi olmayan Santyaqo-de-los Kabalyerosun, Kurasao və Quantanamonun** güzgülü otelləri üçün, dünyanın ən gözəl və ən qəmli adaları üçün sütül fahişələr daşıyan, həmin o kirli yelkənçi-dənizçilərin arasında…» «Bir yadınıza salın, gəmilər ləngər vurub dənizə çıxanda biz nə günlərə düşürdük. Matilda Arenelsin evindəki tutuquşunun tale söyləməyi necə, yadınızdadı?.. Şorba dolu kasalarının içindən sürünüb çıxan dəniz xərçənglərini xatırlayın. Siz, müqəddəs ata, özünüz də dediniz ki, elə bil biz elə buralarda – İt Döyüşü kvartalının göbəyində anadan olmuşuq!» Müqəddəs ata çimərlikdə futbol oynayır, akkardeonda, yerli virtuozlardan heç də pis çalmır, həvəskar müğənnilərdən geri qalmır, bizim söyüş söyənlərin qabağına beş qoyaraq, qəliz dənizçi söyüşləriylə latınca söyür, əxlaqsız bazar adamlarının komalarında dənizçilərlə içib keflənirdi; deyilənə görə, hətta bir dəfə kimisə kafirliyinə görə təpiyinin altına salmışdı. «Onlar bir-birini o ki, var yumruqladılar! İndi nə əmr edirsiz, nə edək, mənim generalım?» Əmr gəldi ki, dalaşanları ayırmayaq, əksinə, onların döyüş dairəsini bir az da genişləndirək ki, rahatca vuruşsunlar. Və bilirsiz nə oldu?! «Kahin qalib gəldi, mənim generalım!» «Kahin? Mən elə də bilirdim. O, əsl kişidi!» O, hamının zənn elədiyi kimi elə-belə, adi adam deyildi, Apostolik nunsiaturada keçirdiyi bütün keşməkeşli illər öyrənə bilmədiklərini o, həmin o qızğın gecələr öyrənmişdi. Həmin gecələrin birində isə yağışlı bir axşam o, prezidentin sayıq təhlükəsizlik xidmətini aldatdığını zənn edərək, gizlicə gedib çıxdığı kəndin kənarındakı qəramətli malikanədə bildiklərindən daha çox şey başa düşmüşdü. Həmin o gecə o, tavandan şırhaşırla süzülüb tökülən yağışın altında islana-islana, qorxudan əsə-əsə bütün malikanəni ələk-vələk eləmiş, künc-bucaqları gözdən keçirmişdi və bədəni ən çox, Bendisyon Alvaradonun, öz qulluqçuları üçün ayırdığı, dörd bir yanı zəhərli çiçəklər basmış yataq otağında əsim-əsim əsmişdi. – «Axı o, çox xeyirxah qadın idi, çox təvazökar idi! Qulluqçularının yatağına çit döşəkağılar sərirdi, özü isə sınıq-sökük əsgər çarpayısında, qupquru həsirin üstündə yatırdı; o, onlara öz gəzinti paltarlarını – ölkənin bir nömrəli xanımının paltarlarını geyməyə icazə verirdi; qulluqçular vannada yuyunanda, onun ətirli duzlarından istifadə edir, arvadın başı işə qarışanda - quşlarının lələklərini rəngləyəndə, odunlu sobanın üstə öz tərəvəz şorabalarını bişirəndə, qonşularına lazım olacaq şəfqətli otlar əkəndə, çılpaq bədənləriylə, bürünc şir ayaqları üstə dayanan nəhəng vannanın rəngli köpüyün içində uzana-uzana əsgərlərlə mazaqlaşırdılar. Qulluqçular daim gecələr onu yuxudan oyadırdılar. «Mədəmi sancılar doğrayır, senyora!» O da ayağa qalxıb, xəstəyə, çeynəmək üçün kress* toxumları verirdi; «Oğlumun gözləri çəpləşir!» - və o, anaya epasot bişməsi verirdi: «Mən ölürəm, senyora!» - deyə onu yuxudan oyadırdılarsa da, ölən olmurdu, çünki bütün qonşuların canı onun əlində idi. O, elə sağlığından müqəddəs idi, ata, özünü bütün çirkabdan öz bakirəliyi ilə qoruyurdu, bu yad təmtərağın içində, həmin bu günah dolu malikanədə öz bakirə dünyasına qapılıb yaşayırdı; onu ordan prezident sarayına – damından, vedrədən axırmış kimi yağış tökən, yağış damlaları royalın dillərini, dəbdəbəli qonaq otağının, Bendisyon Alvaradonun: «Bu stolun arxasında oturmaq – mehrabı təhqir eləməkdi.» - deyərək, heç vaxt arxasında oturmadığı ağappaq stolunu təbil kimi çalan xarabaya zorla gətirib gəldik. Siz bir fikir verin, müqəddəsliyin fövqünə bir baxın, ata!»
Lakin Bendisyon Alvaradonun qonşularının bu cənfəşanlığı, auditorun iblisanə fəhmini çaşdıra bilmədi və o qayanın üstündəki malikanənin sahibəsinin bütün bu hərəkətlərinin səbəbinin, onun, xeyirxahlığından çox, yad mühitin qorxusu, kasıbçılıq vərdiş olduğunu, sadəcə, bütün o qaralmış palıddan yonulmuş neptunların, yerli iblis qalıqlarının, bir vaxt rəqs gecələri təşkil edilən boş zallarla süzən hərbi mundirli mələklərin, bir sözlə, hər şeyin Bendisyon Alvarado üçün anlaşılmaz və maraqsız olduğunu anladı. Beləliklə, auditor buralarda, Abissiniyanın bürkülü səhralarından arxasınca sürünüb gələn həqiqəti – üçüzlü vahid Allahın izini belə tapa bilmədi. - «Axı, o, həqiqəti, olmayan yerdə axtarırdı, mənim generalım, odu ki, heç nə tapa bilmədi, belə-belə işlər!» Lakin monsenyor Demetrio Aldous bir şəhərdə öyrəndikləri ilə kifayətlənmədi, ata minib ölkənin buzlu ucqarlarını gəzə-gəzə, Bendisyon Alvaradonun müqəddəsliyinin dəlillərini həmin bu dövlət haləsinin əlinin çatmadığı yerlərdə axtarmağa başladı. Auditor, uzunətəkli pançosunda, yeddi arşınlıq uzunboğazlarında iblis ruhu kimi birdən-birə dumanın içindən peyda olaraq, əvvəl hamını qorxuya salır, sonra özü də, heç vaxt bu cür qara dərili adam görməyən camaatın marağına təəccüblənirdi. O, hamıya, ona əlləri ilə toxunmağı təklif edirdi ki, adamlar, ondan kömür iyi gəlmədiyini anlasınlar; o, qaranlıqda camaata dişlərinin parıltısını nümayiş etdirir, kişilərə qoşulub əyyaşlıq edir, pendiri qara camaat kimi, əliylə qoparıb yeyir, hamının içdiyi totuma cecəsindən içirdi.
Hiyləgər eritreyalı beləcə, ucqar kəndlərin gözdən-könüldən uzaq yeməkxanalarında yeyib içə-içə, camaata qaynayıb qarışa-qarışa, bir vaxt bu tərəflərdə, dörd bir yanından, boz quş balaları, qızılı tükanalarla, quaçarakalarla dolu qəfəslər asıldığından güclə yeriyən quşsatan qadını tanıyan adamların inamını qazanmaq istəyirdi; həmin bu quaçarakalar, qu quşu cildinə salınan bu adi boz quşlar, matəm havalı ölgün bazarlarda avam kəndlilərə sırınmaq üçün rənglənirdi. «O, adətən bax orda otururdu, ata, ocağın lap yanında oturub gözləyirdi ki, bəlkə kimsə onunla yeməkxananın arxa otağında, çaxır çəlləklərinin üstündəki həsirdə yatmaq istəyər. O, qarnını doyuzdurmaq üçün, kiminlə desən yatmağa hazır idi, ata. Bircə nahara, vəssalam. Ona bircə o lazım idi, çünki başını heç cür dolandıra bilmirdi; avam kəndlilərə sırıdığı quşların rəngi də, bircə dəfə yağış yağan kimi yuyulub gedirdi, tovuzquşuların quyruqları elə yoldaca qopub düşürdü. Əslinə qalsa, bu işlərlə də elə avamlığından məşğul olurdu; bir sözlə, o, quşların hesabına yaşayırdı, bu düzəngahın hesabına yaşayırdı, necə istəyirsiz, elə də başa düşün, o ki qaldı adına, indi kimin yadındadı o vaxt onun adı nə idi, hər halda Bendisyon Alvarado deyildi, bu, bizim adlardan deyil, bu, dənizətrafı yerlərin adıdı, müqəddəs ata!»
Sən buna bax bir!.. Bu yerinəcən hər şeyi bitdi-bitdi öyrənib bu qara iblis-prokuror, bunu da, o biriləri də, elə hey qurdalaya-qurdalaya axtarır, eritreyalının yolunda min bir maneələr yaradan prezident təhlükəsizlik xidmətinin gizli agentlərinin bütün səylərinə, onun üçün ustalıqla qurduqları saxta torlara baxmayaraq, yeni-yeni həqiqətləri ortaya çıxarırdı. – «Necə bilirsiz, mənim generalım, onu, bu uçurumun başında ovlamağın vaxtı çatıbmı? Atının büdrəmək vaxtı necə, çatıbmı?» Lakin yenə eritreyalının şəxsi təhlükəsizliyi təmin edilməklə, güdülməsinəi davam etdirmək əmri alındı, öz missiyasını yerinə yetirmək üçün ona tam azad şərait yaradılması xüsusi bir ciddiliklə tapşırıldı: «Mən bunu inadla tədəb edirəm, bu, mənim ali isəyimdir, yerinə yetirin!» Bu cür qərar verməklə o anlayırdı ki, riskə gedir, anası haqqında yaranmış əfsanəvi mifi – Bendisyon Alvarado mifini təhlükə altına salır, eritreyalının səyi ilə uzaq keçmişin damğalı xatirələrini – bir vaxtlar həyat eşqi ilə, lakin cır-cındır içində, ayaqyalın yaşayan, öz bədənin hesabına dolanan, xoruz quyruğunu rəngləyib tutuquşuların dalına calaya-calaya quakamaya* quşu əvəzinə satan, tükü tökülmüş xəstə toyuqları, hinduşkanın yelpincvari quyruqlarıyla bəzəyib camaata, cənnət quşu adıyla sırıyan, bu yaraşıqlı və avam qadını biabır olmaq təhlükəsində qoyur.
Məlum məsələydi ki, heç kim bu qadına inanmırdı; dumanlı istirahət günləri bazarda tək-tənha dolaşan, bir quşa yüzcə peso verənə, qalan quşları az qala, havayı bağışlamağa hazır olan bu tənha quş alverçisinin avam bicliyinə kim uyardı axı?!.. Yaylaq yerlərində də bu sərsəm dilənçi qadını demək olar ki, hamı yaxşı tanıyırdı, lakin onun şəxsiyyətini heç cür dəqiq müəyyənləşdirmək mümkün olmurdu, çünki xaç suyuna salındığı monastrlarda onun doğum günü barədə heç bir sənəd tapılmamış, kilsə şəhadətnaməsi belə ortaya çıxmamışdı; bunun əvəzinə, oğlunun birdən-birə nə az, nə çox, üç şəhadətnaməsi tapılmışdı: doğum gününü təsdiq edən üç fakt birdən; belə çıxırdı ki, onun oğlunun üç müxtəlif adı vardı, əsası üç dəfə müxtəlif şəraitlərdə qoyulmuşdu, üç dəfə üç tarixdə vaxtından əvvəl doğulmuşdu. Bütün bunlar, bizim ölkənin tarixçilərinin – bizim tarixi yaradanların, onun yaranma tarixinin ört-basdır edilməsi üçün həqiqəti yalanla qarışdıranların əməlləri idi; lakin bütün bunlara baxmayaraq, eritreyalı demək olar, məsələnin kökünü axtarıb tapmışdı, bütün o yalan dumanlarını yarıb, axır ki, aydınlığa çıxmışdı; «Bu sirri aşkar eləmək bir o qədər də çətin olmadı, mənim generalım; boz Kordelyer dərələrində, düzlərində əks-səda verən atəş səsi eşidiləndə və buzlaqların önündən, əbədi qarlar içində uyuyan yüksəkliklərdən, axar çayların nəhəng sularının kükrədiyi yerlərdən, botanik ekspedisiyanın alim-həkimlərinin, hinduların belində otura-otura, öz sirrli otlarını topladıqları ucuiti qayaların önündən, vəhşi maqnoliya güllərinin bitdiyi, bol yemək və isti geyim verən uzuntüklü cins qoyunların otladığı dağ mənzərələrindən, ucsuz-bucaqsız qəhvə sahələrindən, kimsəsiz eyvanları kağız güllərlə bəzədilmiş əyalətlərdən, bürkülü səhrayla dağ çaylarının gurultusu arasındakı sərhəddə yaşayan xəstələr yığnağından, dənlərindən şokolad düzəldilən, qırmızı giləmeyvəsi və gülləri olan qalın yarpaqlı kakao ağacıyla xaincəsinə kürəyindən vurulub öldürülən qocanın ölü bədəninin iyini axşam küləkləri gətirən yerlərdən, günəşin tərpənmədiyi, yandırıcı tozun, qarpız-yemişin, iki yüz millik ərazinin yeganə orkestrinin, yeganə məktəbin yerləşdiyi Atlantiko departamentinin, arıq, qəmli inək sürüsünün yanından uçurumun sonsuzluğuna yuvarlanan atın ətürpədən kişnərtisi eşidiləndə, yazıq heyvan, sulu qvanabano kimi dığırlanıb düz uçurumun dibinə – qvineo kollarının arasında yerə dəyib şappıldayaraq, qırqovulları hürkütdü, sonra dərindən bir ah çəkdi. - «Onu vurdular, mənim generalım, pələng ovu tüfəngindən atdılar, Anima-Sola* dərəsində!» «Mənim mühafizə təcrübəmə, qəti məzmunlu teleqramlarıma məhəl qoymadan, köpək uşağı?.. Lənət şeytana, indi görərlər mən kiməm!» - deyə o, hirsindən sarala-sarala hədələyirdi; əslinə qalsa, o, hansısa agentlərin, onun sözündən çıxmasından çox, nə isə vacib, əhəmiyyətli bir şeyin ondan gizlədilməsi ilə əlaqədar əsəbiləşmişdi; Onun şimşək saçan bu qəzəbini tez bir zamanda sakitləşdirməyə ürək eləyənlər tapıldı. O, hadisə barədə məlumat verənlərin nəfəsinə belə diqqətlə qulaq asır, yaxşı bilirdi ki, yalnız əsl həqiqəti bilənlər yalan danışmağa cəsarət edərlər. O, kimin satqın olub-olmadığını dəqiqləşdirmək üçün ilk növbədə zabitlərin qarınlarının altındakıları anlamağa çalışırdı. - «Sən o adam deyilsən ki, heç nə olduğun halda, səni həmin o heç nədən yapıb düzəltmişəm? Sən o adam deyilsən ki, gecələri qupquru döşəmədə ağnayırdın, indi mənim hesabıma qızıl cıqqalı çarpayıda yatırsan? Sizi hansı ana doğub?» O, kiminsə, onun şəxsən imzaladığı, üzüyünün möhürüylə qətranladığı teleqramını qulaqardına vurduğunu yaxşı başa düşürdü; bu səbəbdən də təhlükəsizlik tədbirləri ilə şəxsən özü məşğul olmaq qərarına gəldi və belə bir əmr verdi: «Əmr edirəm: qırx səkkiz saat ərzində Demetrio Aldous tapılıb diri vəziyyətdə yanıma gətirilsin, ölüsü tapılsa belə, mənim yanıma diri vəziyyətdə gətirilməlidir və işdi, əgər o, ümumiyyətlə, tapılmasa, onun, mənim hüzürüma gətirilməsi mütləqdir». Əmr o qədər aydın və qorxulu idi ki, elan olunmuş vaxt başa çatmamış, bir-birinin ardınca xəbərlər gəldi: «Onu dərənin dibindən tapdılar, mənim generalım! Onun bütün yaraları, hansı möcüzəyləsə, orda bitən qızılı çiçəklərin məlhəmindən sağalıb. O, bizlərdən diridi, mənim generalım, sapsağlam və zədəsizdi və bütün bunlar, xatirəsini murdarlamağa cəhd edən adama bir daha öz xeyirxahlığını və insanpərvərliyini sübut edən ananızın, həmin bu güllərə şəfa qabiliyyəti verən sehrli qüvvəsinin nəticəsidir». Bu adamı iplə qarğıya sarıyıb qrendyorlar dəstəsinin müşayiəti ilə gizli hindu cığırlarıyla dağlardan üzü aşağı endiriblər; qabaqda atlı çapır, kilsə zəngləri cingildəyə-cingildəyə dörd bir yana xəbər yayırdı ki, əla həzrətlərin istəyi yerinə yetirildi, Demetrio Aldous tutulub diri gətirildi. Onu prezident sarayına gətirib, səhiyyə nazirinin şəxsi nəzarəti altında, hörmətli qonaqlar üçün ayrılmış yataq otağında yerləşdirdilər ki, orda öz missiyasını başa çatdıra bilsin, hər biri, üç yüz əlli səhifə olacaq yeddi qorxulu cildi hazırlayıb qurtara bilsin: «Mən, Demetrio Aldous, Allahın əmri ilə, Müqəddəs ritual konqreqatının auditoru, prokuror və postulator, bu ilin aprel ayının on dördüncü günü, yer üzündə ədalətin bərpası naminə, Allahın bərqərar olması naminə imza atıram və imzamı öz möhrümlə təsdiq edərək, bildirirəm ki, burda yazılanların hamısı həqiqətdir, həqiqət və yalnız həqiqət». – «Budur, baxın, əla həzrətləri!» Və həqiqətən, hər biri qətran möhürlə möhürlənmiş həmin bu Bibliyaya bənzər yeddi nəhəng cildlərdə yazılanların hamısı həqiqət idi; bu aydın və qəddar həqiqətləri, həsir kreslosunda oturub üzünü şlyapası ilə yelləyə-yelləyə gözünü qırpmadan oxunanlara qulaq asan və hər öldürücü həqiqətdən sonra güclə seçiləcək səsiylə «aha» deyən daşsifətli, donuq qocaya, yalnız əsəbləri tam sakit adam oxuya bilərdi. «Aha» - deyə o, şlyapasıyla naharın qalıqlarına yığışan aprel milçəklərini qovaraq, bəzən kösöv kimi yandırcı həqiqəti həqiqət dalınca udmalı olurdu. «Bütün bunlar uydurmadı, əla həzrətləri, gülməli bir məzhəkədir…» - o, qulaq asır və yenə sakitcə «aha» - deyirdi, çünki əslinə baxsan, bütün bu yazılanlar həqiqətən elə məzhəkə idi və bu tamaşanın müəllifi, özü də bilmədən, o, özü olmuşdu; anasının meyitinin ümumxalq tamaşasına çıxarılmasından tutmuş, Bendisyon Alvaradonun diri-diri çürüməsi barədə yayaılan söz-söhbətlərə birdəfəlik son qoyulmasınacan; yaxud tabutun buz qırıqlarıyla doldurulub, oba-oba gəzdirilməsi tamaşa, sirk deyildimi?!.. – Yaxud, anasının ölüiündən sonra, yaratdığı möcüzələrindən xəbər tutanda, meyiti təntənəli izdihamın müşayiəti ilə ölkənin, dindən-imandan uzaq, ucqar yerlərinə göndərilməsi… Ona bircə şey lazım idi: hamı başa düşsün ki, anasına, bütün bu uzun-uzadı təhqiramiz illərdən sonra müqəddəslik verilib və bu müqəddəslik ona, əzablı gənclik illərinin – əzab-əziyyətlə, min bir zəhmətlə quş quyruqları rənglədiyi illərinin, o fani günlərinin əvəzinə verilib. – «Mənim ağlıma belə gəlməzdi ki, həmin bu matəm izdihamından, camaatı aldatmaq üçün istifadə edəcəklər!» Sən demə, elə birinci gündən izdihamı yalan müşayiət edirmiş… - hər şey ondan başladı ki, suçiçəyi çıxaranların yaraları camaatın gözü qarşısında, birdən-birə yoxa çıxıb təmizləndi; məlum məsələydi ki, pulun hesabına; sonra iki yüz pesoya bir adam qəbirdən xortladı – ağzı torpaqla dolu, vahiməli cır-cındır içində izdihamın qarşısında yerin içindən çıxdı; sonra bütün bu möcüzələrin, dövlət dairələrinin fırıldağı olduğunu deyən qaraçı qadına səkkiz yüz peso verdilər ki, o, camaatın gözü qarşısında, dediyi o qələtə görə cəza əlaməti kimi ikibaşlı uşaq doğsun.
Bir nəfər belə olsun, pul almayan möcüzə şahidi tapılmadı; ən başlıcası isə o idi ki, bütün bunların, mərhumənin oğluna yaltaqlıqdan savayı ayrı bir şey olmadığını Demetrio Aldous, hələ istintaqın əvvəlində yəqin etmişdi. – «Xeyr, əla həzrətləri, bütün bunlar, sizin əyanlarınızın murdar fırıldaqlarıdı!» Bu, onun hakimiyyəti dövründə baş verən ən əxlaqsız, ən dinsiz-imansız, ən gözəçarpan fırıldaq idi. - «Çünki, bütün bu möcüzələri düzüb-qoşanlar, pullu şahidlər yığanlar, sizin rejimin ən sədaqətli ardıcılları idi, əla həzrətləri!» - «Aha!» - «İzdihamı aparanlar da onlar idi, ananız Bendisyon Alvaradonun paltarının tikələrini camaata, müqəddəs təbərrik kimi satanlar da onlar idi…» «Aha!» - «Ananızın üzü təsvir olunmuş ikonaların, profili həkk olunan medalların istehsalını da onlar açmışdı» - «Aha!» - «Onun saçlarını satıb dövlətlənənlər də onlar idi…» - «Aha!» - «…tabutunun suyunu satanlar da…» - «Aha!» - «Kələ-kötür rənglərlə məhrumənin bədəninin yeri həkk edilən döşəkağıları satanlar da… - bu döşəkağıları bir əldən, yüz-yüz hindu bazarlarında altdan satırdılar…» - «Aha!» - «Tabut, kilsənin baş nefesində qoyulduğu zaman mərhumənin cənazəsi önündən keçən sonsuz adam axını dəhşətli surətdə aldadılmışdı; mərhumənin cəsədi ona görə dəyişilməz qalmamışdı ki, bu bədən, camaata izah olunduğu kimi, müqəddəs idi, yaxud ona görə yox ki, oğlunun şəninə, meyitin dərisi mum və kosmetikayla örtülmüşdü, ona görə yox ki, bu cəsəd sadəcə, təbiət muzeylərinə düzülmüş heyvan müqəvvaları kimi, adi qaydada, içinə saman təpilmiş müqəvva idi…» - «Aha!» - o dedi və tezliklə bütün bu deyilənləri öz gözüylə görmək imkanı qazındı: «Mən, şüşə sərdabənin qapağını açanda, qara matəm lentləri mənim nəfəsimdən ovulub töküldü, cansız kəlləyə taxılmış portağal güllərindən çələngi çıxaranda isə gördüm ki, at tükü kimi möhkəm saçların, demək olar, hamısı, təbərrük kimi satılması üçün kökündən qoparılıb və onda mən, səni qucağıma götürdüm, ana; sənin qurumuş sümüklərini fatanın cırıq-sökük tikələri ilə birgə götürdüm; sən günün altında qurudulmuş balqabaq kimi yüpyüngül idin; səndən, qədim sandıq dibinin iyi gəlirdi; mən, sənin içində nəyinsə qızdırmalı titrəməylə vurnuxduğunu eşidirdim və düşünürdüm ki, bu, sənin ruhunun pıçıltılarıdı, lakin bu, öz iti bıçaqlarını içəridə oynada-oynada, səni yalaya-yalaya səni içindən yonan güvə idi; odu ki, mən səni uzun müddət qucağımdan yerə qoymadım, çünki sən elə mənim əllərimdəcə ovulub dağılırdın, hissə-hissə sökülürdün; axı, sənin bütün içalatın ovulub çıxarılmışdı; daha, əli sinəsinin üstə yatan xöşbəxt ananın bədənindən əlamət qalmamışdı; bədənindən qalan kövrək toz dumanı əllərimin içindəcə, sümüklərin, arada bir fosforlu qığılcımları ata-ata külə çevrildilər; qoyma şüşə gözlərinsə, qürub çağı kilsənin, al qırmızı işığa bürünən mərmər döşəməsi boyu birə kimi atıla-atıla gəzdilər; sən, heç nəyə çevrilmişdin, ana, ovulmuş ana tozuna dönmüşdün və əsgərlər, bu tozu bellərlə yığıb tabutun içinə tökürdülər.»
Bütün bunlardan sonra da bu fasıq, donuq zalımın üzünün əzələsi belə, tərpənmədi, onun, iquana gözünə bənzər hərəkətsiz gözlərində nə onda, bu hadisələr baş verən zaman, nə də bu dünya üzündə onu həqiqət aynasıyla üzbəüz qoyan yeganə adamla təkbətək qalanda heç bir ifadə yaranmadı. Onlar, adi karetlərdən heç nəyi ilə fərqlənməyən sadə, gerbsiz karetə oturub, pərdələrin arasından, bir vaxt dəhşətli ölümlər və nakam sevgilər barədə, zəhərli güllər, istək öldürən sirli bitkilər barədə kitablar satılan, indi isə Bendisyon Alvaradonun bədəninin müxtəlif hissələri, əyninin geyimindən tikə-parçalar – yalançı təbərrüklər düzülən giriş darvazalarının kölgəsində istirahət edən dilənçilər sürüsünə baxırdılar. Monsenyor Demetrio Aldous, gözünü alver meydanından çəkib, istintaqın müsbət nəticələri barədə danışmağa başlayanda, o, öz həmsöhbətinin fikrini o dəqiqə tutdu. – «Mən əmin oldum ki, bu kasıb adamlar sizi, öz həyatları qədər sevirlər». Həqiqətən də axı, xəyanət deyilən nə vardısa, Demetrio Aldous prezident sarayında görmüşdü, yüksək dövlət vəzifələrində işləyənlərin, özünü gözə soxanların tamahkarlığının, ucsuz yarınmağının, xəbis yaltaqlığının şahidi olmuşdu, kasıb kütlələr arasında, dilənçilər içində, heç nəyi olmayan, öz hökmdarlarından da heç nə ummayan adamlarınsa, sadiq məhəbbətini görmüşdü; bu adamlar ümumiyyətlə, heç kimdən heç nə istəmirdilər; onlar, başları üstə duran hökmdarı, torpaq kimi görünən və ələgələn olduğundan, ona toxuna biləcəklərinə görə ilahi bir sevgiylə sevirdilər. - «Allahın özünün paxıllığı tutası bir işdi, əla həzrətləri!» Lakin əla həzrətlərinin, bu etirafı eşidəndən sonra da qaşının ucu belə tərpənmədi, halbuki ayrı vaxt olsaydı, onun ürəyi gizli bir sevinclə şirin-şirin gizildəyərdi, içini çəkib həyəcanını içində boğa-boğa özü-özünə fikirləşərdi: «Sizsə istəyirdiniz ki, məni heç kim sevməsin, müqəddəs ata, ələlxüsus da indi, bu məmləkətdən gedib öz uydurma dünyanızın qızıl qüllələri altında mənim bu biabırçı vəziyyətimdən və ələmimdən həzz alacağınız bir vaxt, mənsə burda - üstümə yıxdığınız həqiqət yükü altında, bu dərdi mənimlə bölə biləcək qayğıkeş anasız, öz istəyimlə seçmədiyim anadan olmağımla qazandığım həmin bu məmləkətdə – əsrlərdən bəri olduğu kimi qalan vecsiz mənzərəli, nəcis iyli, razılığım olmadan, adıma yazılanlara dünyasında inanılmayan bu tarixsiz məmləkətdə, pərdəli karetin içində belə qırx dərəcə istisi, doxsan səkkiz faiz nəmişliyi olan, tozundan nəfəs tutulan, arada bir qəhvədan kimi yüngül fit verən şişimin ağrısından qovrulduğun bir yerdə, qəbullarda bircə partiya domino oynamağa adam tapılmayan və bütün bu həqiqətlərə inana bilən bircə adamın olmadığı bir ölkədə tək tənha qalım, müqəddəs ata?.. Özünüzü mənim yerimə qoyun, müqəddəs ata!» O, güclə seziləcək tərzdə içini çəkib, iquana kipriklərini yüngülcə qırparaq, monsenyor Demetrio Aldousdan xahiş etdi ki, bu söhbət aralarında qalsın - «Siz mənə heç nə deməmisiniz, ata. Mən həqiqəti bilmirəm, oldu?» Monseyor Demetrio Aldous da söz verdi: «Əlbəttə, əla həzrətləri, siz, həqiqəti bilmirsiz. Bu söhbət, öz aramızda qalacaq, sizə kişi sözü verirəm.» Bendisyon Alvaradonun müqəddəslik titulu alması haqqında iş, onun müqəddəsliyini sübut edə biləcək faktların azlığı səbəbindən, yarımçıq dayandırıldı, Romanın qərarıyla, hökumətin rəsmi razılığı əsasında, onun amvonluqdan* çıxarıldığı elan edildi, bu qərarla həmçinin, ictimai asayişin qorunmasına, hər hansı üsyan xarakterli çıxışlara nəzarət gücləndirilsə də, üçyançılar dəstəsi, de Armas meydanında kafedral kilsənin darvazalarının şalbanlarından ocaqlar qalayanda, Apostolik nunsiatura sarayının, mələklər və cəngavərlər təsvir olunmuş rəngli şüşələrini daşla sındırıb tökəndə, yerli mühafizə qüvvələri heç bir müqavimət göstərmədi. - «Onlar hər yeri dağıdıb sökürlər, mənim generalım!» O, öz yelləncəyində sakit-sakit yırğalanır, qaşının ucu belə tərpənmirdi. «Onlar, monastrları mühasirəyə alıblar, rahibləri acından öldürmək istəyirlər. Onlar, kilsələri, missionerlərin evlərini yarır, dinə aid nə varsa, məhv edirlər, mənim generalım!» Yüksək rütbəli zabitlərin hamısı bir adam kimi, əmrin yerinə yetirilməsində aciz olduğunu, bu kütləvi həyəcanın, qan qırığının qarşısını ala bilmədiyini boyunlarına almayınca, o, heç bir tədbir görmədən, laqeyd üzüylə öz yelləncəyində yellənə-yellənə, diri güllərdən hörülmüş talvarın kölgəsində oturub qaldı. Yalnız bu kütləvi etirafdan sonra o, yelləncəkdən qalxıb, uzun ayların düşüncələrinə qərq olduğundan, daxil ola bilmədiyi kabinetinə sarı addımladı, orda, xalqın yekdil rəyini ifadə eləmək məsuliyyətini öz üzərinə götürdüyü barədə qərar qəbul etdi və bu qərarı, silahlı qüvvələri xəbərdar etmədən, nazirlərlə məsləhətləşmədən, öz fəhmiylə yaratdığı dekretdə əks etdirdi. Dekretin birinci maddəsi – azad və suveren xalqın ali istəyi ilə Bendisyon Alvaradonun vətəndaş müqəddəsliyni elan edir, Bendisyon Alvaradoya Millətin Himayədarı, Əzabkeşlərin Şəfaverəni, Quşların Mürəbbiyəsi titullarını verirdi, Bendisyon Alvaradonun andan olan günü isə, həmin maddədə mili bayram elan edilirdi. İkinci maddə – bu dekretin rəsmləşdiyi gündən, Vatikan dövlətinə və onun əhalisinə, bütün qayda-qanunuyla, hüquq normalarına və beynəlxalq konvensiyalara uyğunlaşdırılmış əsaslarla müharibə elan edirdi. Üçüncü maddədə – cənab yepiskopun təcili surətdə ölkədən çıxarılması, o biri yepiskopların, apostolik prefektlərin, gəlmə kahinlərin və rahibələrin, ümumiyyətlə, din xadimlərinin, yaxud kilsə işləriylə hər hansı bir əlaqəsi olan yerli, yaxud, gəlmə adamların qovulması qərara alınırdı. Bu adamların hamısına ölkənin ərazisində, yaxud hər hansı bir bəhanəylə ərazi sularının əlli dəniz milinədək yaxında olmaq qəti qadağan edilirdi. Və nəhayət, dördüncü maddə – bütün kilsə əmlakının müsadirə edilməsini elan edirdi. Məbədlər və monastrlar – məktəbləri, şumluq sahələri, əmək alətləri və mal-qarasıyla bir yerdə, kilsələrə məxsus şəkər zavodları, fabriklər, emalatxanalar, bir sözlə, hər şey – din xadimlərinin ayağında olan, əslində isə kilsə mülkiyyəti sayılan hər bir şey müsadirə edildi. Bütün bunlar, dekret ictimaiyyətə çatdırılandan, ucadan oxunandan və ali hökmdarın möhürüylə təsdiq ediləndən sonra, Bendisyon Alvaradonun və onun quşlarının ölümündən sonrakı əmlakı elan edildi. «Tabe olun və əməl edin!» O, dekretdə yer almış bütün bu maddələrin yerinə yetirilməsinə, atəşfəşanlığın rəngli fişənglərinə, kilsə zənglərinin, Bendisyon Alvaradonun övliyalar sırasına keçməsi şərəfinə çaldığı qələbə marşlarına məhəl qoymadan, şəxsən özü nəzarət edirdi ki, anasının müqəddəs ruhu bir daha növbəti yalanın qurbanına çevrilməsin. O, hakimiyyət cilovlarını yenidən öz əlinə aldı, öz atlas əlcəkli incə əlləriylə kobud cilovlardan möhkəm yapışdı; bir vaxtlar elədiyi kimi, kasıb komalara girib toyuqların qırt oturuşuna, yaxud kəlçənin axtalanmağına baxarkən, camaat onu pilləkənlərdə saxlayıb, nə vaxtsa şəhərin küçələrində keçirilən atçapma mərasimlərini, çuvaliçi qaçış yarışlarını bərpa etməyini xahiş edir, o da onların xahişini yerinə yetirirdi. O, yenə əvvəlki kimi, hər işə özü qarışır, kilsə əmlakının inventarlaşma aktıyla şəxsən tanış olmaqdan boyun qaçırmır, müsadirənin gedişinə özü rəhbərlik edir, göz qoyurdu ki, onun göstərişləriylə həyata keçirilənlər arasında – dövlət sənədlərinin həqiqəti ilə real həyatın dəyişkən həqiqətləri arasında, xırdaca belə boşluq olmasın. O, kralın saysız-hesabsız sərvətlərini gizlicə, ikidibli çamadanlarda, xüsusi məharətlə tikilmiş korsajların altında ölkədən çıxarmaq istəyən möhtəşəm kilsə icmalarının sürgünlərinə də şəxsən özü nəzarət edirdi. Kasıblar qəbiristanlığında basdırılan həmin bu sərvətlər, uzun illərin axtarışlarına baxmayaraq, Federasiya uğrunda döyüşənlər tərəfindən də tapılmamışdı. Odu ki, belə bir əmr verildi: bircə kilsə xadimi, bir dəst alt paltarı dəyişəyindən savayı özüylə yük apara bilməz; bundan savayı, onlara, gəmiyə yalnız çılpaq, lüt anadangəlmə vəziyyətdə minməyə icazə verilirdi. Hamı əmrə tabe oldu: heç nə qanmayan, yaxalarından əl çəksinlər deyə, ömürlərinin axırınacan lümlüt gəzməyə hazır olan kobud kənd kahinləri, din dairələrinin, titrəmədən heydən düşmüş prefektləri, mötəbər, keçəl yepiskoplar, onların ardınca qadınlar – minilməmiş madyan təbiətli, utancaq rahibələr, səhralıqda tərəvəz əkməyə öyrəşən sadə missioner qadınlar, incə biləkli bakirə-selesiankalar*… - hamı da lüt anadangəlmə, dünyaya gəldikləri dərilərində; onlara baxdıqca, bu adamların sinfi mənşəyi, sosial vəziyyəti və məşğuliyyəti haqqında fikirləşməyə məcbur olurdun; onlar, möhtəşəm axınla gömrüyün nəhəng binaları arasından, kakao tayları və qarmağa keçirilmiş çay balığı qaxaclarıyla dolu çuvalların böyründən ötüb keçdikcə, hürkmüş qoyun sürüsünü xatırladırdılar; ventilyatorların pərləri yolçuların saçlarını dalğalandırır, qadınlar döşlərini əlləriylə örtə-örtə, bir-birinin arxasında gizlənə-gizlənə, iquana gözlərinin ifadəsiz baxışını, nizamsız axınla yeriyən çılpaq qadın bədənlərinə zilləyən, daş heykəl kimi donuq qocanın qarşısından ötüb keçirdilər. Sonuncu qadın ölkənin ərazisini tərk edənəcən o, gedənləri laqeyd üzüylə, tam ehtirassız baxışlarla müşahidə edirdi. – «Hamısı, bir nəfər kimi, rədd olub getdi, mənim generalım!» O isə hiss elədi ki, qadınlardan hansı birisisə – o birilərindən heç nəyi ilə fərqlənməyən, hürkmüş qadınların arasından, ani baxışıyla seçdiyi bir qadın onun yaddaşına ilişib qalıb; bu, dolu və sağlam bədənli, ətli yançaqları, iri döşləri olan adi, enlikürək bir qadın idi, kələ-kötür əlləri vardı, saçları bağban qayçısıyla kəsilmiş, dişləri, balta kimi iti və seyrək idi, burnu dik, ayaqlarının altı yastı idi; bir sözlə, o birilər kimi adi, sıravi rahibə idi; o, o dəqiqə anladı ki, bütün bu qadın sürüsünün içindən, ürəyi tək bir onu istəyir, bircə o, başını qaldırıb üzünə belə baxmadısa da, yanından ötüb keçəndə, özündən sonra ürəktitrədən, tünd meşə heyvanı iyi qoyub getdi; onda onun az qaldı nəfəsi kəsilə, gözlərini azca çəpləşdirdi ki, o qadını bir də görsün və elə bu vaxt gəmiyə minənlərin siyahısını oxuyan zabit ucadan; «Nasareno Letisiya!» - deyə qışqırdı və qadın kobud kişi səsiylə: «Burda!» - deyə cavab verdi. Bu ad, içinə beləcə daxil oldu və həmin o «burda» - yla qəbir evinəcən, onun ömrünün bir hissəsinə çevrildi; bu qadın da beləcə həyatına daxil oldu və son, ümidsiz xəyalları yaddaş uçurumlarında əriyib itən dövrlərəcən xatirində yaşadı; yaddaşı onun surətini yerli-dibli yoxa çıxdıqca, onu dönə-dönə xatirində canlandırır və ençiz kağız zolağında: «Mənim ruhumun Letisiya Nasarenosu, bir bax gör, mən sənsiz nə hala düşdüm…» - yazırdı. O, bu kağızı, beçə balını gizlədiyi gizli divar mücrüsündə gizlədir, arada bir, dəqiq əmin olanda ki, onu heç kim görmür, çıxarıb bir də oxuyur, yenə bürməliyib gizlədir və yenə həmin o unudulmaz, şəffaf yağışlı günü, bu barədə heç bir əmr verməsinə baxmayaraq, Letisiya Nasarenonun vətənə qaytarıldığını bilən gün, keçirdiyi gözəl anları yaşayırdı. Bomboz yük gəmisi üfüqdə itdikcə o, əvvəl özü-özünə elə-belə: «Letisiya Nasareno…» - deyə pıçıldadı, sonra bərkdən-bərkdən: «Letisiya Nasareno!!..» - deyə qışqırdı ki, bu adı unutmasın və elə bircə bu, prezidentin təhlükəsizlik xidmətinin, Letisiyanı Yamayka monastrından oğurlayıb vətənə qaytarması üçün kifayət oldu. Ağzını dəsmalla bağlayıb, əyninə qolsuz köynək geyindirib, küncləri qətranla möhürlənmiş, şam ağacından yığılmış və üstündə qara hərflərlə: «Şüşə! Yuxarı! Qaytanlanmasın!» - yazılmış konteynerə – taxta yeşiyə soxdular. Bu konteynerin, prezident zirzəmisinin şampanlarından içmək üçün istifadə olunacaq iki min səkkiz yüz ədəd büllur badəni ölkəyə rüsumsuz keçirilməsi barədə icazəsi vardı; konteyneri gəmi gömrükxanasının zirzəmisində aparırdılar. Güclü yuxu dərmanlarıyla yatırılımış Letisiya ordan birbaş saraya gətirilmiş və çılpaq vəziyyətdə cansıxıcı qonaq otağının çarpayısına uzadılmışdı; o, onu sonralar da elə o vəziyyətdə – günorta saat üçün ağappaq işığında, miçətkənin altında çılpaq bədəniylə uzandığı yerdə xatırlayırdı. O, burda, müxtəlif dövrlər yatan yüzlərlə qadın kimi – bu yatağa heç bir istəyi olamdan ötürülən, lüminal içirildiyindən, letargiya vəziyyətində olan və həmin yuxulu vəziyyətdə yaşadığı qadınlar kimi yatmışdı. Onda o, Letisiya Nasarenoya dəymədi, qadını uzun müddət uşaq heyrətiylə gözdən keçirərək, bədəninin bu qədər dəyişdiyinə, bu bədənin, gömrüyün barakında gördüyü qadın bədəninə qətiyyən bənzəmədiyinə təəccüb elədi. Qadının saçları burulmuş, bədəninin bəzi hissələri qırxılmış, əllərinin, ayaqlarının dırnaqları qırmızı lakla laklanmış, dodaqları, yanaqları boyanmış, kipriklərinə sürmə çəkilmiş, dərisinə cürbəcür ətriyyat vurulmuşdu deyə, ondan sirli, cazibədar heyvan iyinin əvəzinə, şit kosmetika iyləri gəlirdi. Bütün bu kosmetika örtüyü elə bil onun çılpaqlığını itirmişdi… - «Heyvərələr hər şeyi korlayıblar, dərdə bir bax!» O elə hey Letisiyaya, onun narkotik yuxudan keyiyən üzünə, tədricən yuxu bataqlığından çabalayıb çıxmasına, oyanmasına baxır, onu, ətrafını tədricən görməyini müşahidə edirdi. – «Bu, məni dəli edib ağlımı başımdan çıxaran Letisiya Nasareno idi, ana!» Letisiya isə miçətkənin yüngül dumanı içindən ona baxan daş kimi donuq qocanı görəndə, qorxudan dik atıldı, bu anlaşılmaz, ağır sükutun vahiməsindən dili tutuldu, heç ağlına da gəlmədi ki, yaşının sayı, hakimiyyətinin hüdudu bilinməyən qoca, həmin an ondan daha çox qorxuya düşüb. Qoca isə həmin an özünü, ilk dəfə qadınla təmasda olduğu əlamətdar gündən daha tənha və köməksiz hiss eləməyə başlamışdı, bir vaxtlar çayda - əsgərlərin əyləndiyi bir küçə qadınını çimən yerdə görəndə düşdüyü çaşqın vəziyyətdən betər günə düşmüşdü. Onda o, o qadını heç əməlli-başlı görməmişdi də, bircə səsini eşitmişdi; qadının, suyun altına girib-çıxdıqca, inək kimi fınxırıb təngiməyini eşidir, bədəninin hüdudsuz nəhəngliyini təsəvvüründə canlandırır, qaranlıqda onun tənha, sirrli gülüşünü eşidir, çimməkdən uçunan bədəninin həzzini duyurdusa da, üç müharibədə iştirak edib artilleriya leytenantı rütbəsi almasına baxmayaraq, qadın görmədiyindən, iflic vəziyyətdə donub yerindəcə qalmışdı. Lakin çox keçməmişdi ki, ömrünün axırınadək elə-belcə, bakirə qalmaq qorxusu o biri qorxulara üstün gəlmişdi və o, əynindəki pal-paltarı, silah-sursatı soyunmadan, qayışlı, corablı, yüklü, silahlı özünü çayın içinə atmış, silah-sursatıyla çayın ortasında bir səs-küy qoparmışdı ki, qadın, əvvəl elə zənn eləmişdi ki, bu, yolu çaydan keçən hansısa atlıdı, amma görəndə ki, bu, cəmi-cümlətanı çaya düşən, qorxaq, yazıq bir kişidi, əlini rəhmlə ona uzadaraq, onu qaranlıq sükutun içiylə öz ardınca apara-apara geriyə qanrılıb, qaranlığın içindən ana nəvazişi ilə ona: «Çiynimdən bərk yapış, - demişdi - yoxsa su aparar səni. Özü də barmaqlarının ucunda dayanma, dizi üstə otur, rahat nəfəs al, yoxsa boğularsan». O da onun dediyni eləmişdi; onda o, qadının dediklərini uşaq kimi yerinə yetirə-yetirə, özlüyündə: «Anam mənim Bendisyon Alvarado, bu qadınlara, özlərini hansı an necə aparmağı, kişi kimi olmağı kim öyrədib?» - deyə fikirləşirdi. O, bu fikirlərdə ikən, qadın, onun əynindəkiləri – döyüş üçün zəruri olan, bu axınla əzablı mübarizədə isə ona mane olan əşyaları soyundururdu; su xirtdəyinə çatsa da, onu qorxudan, qadının, qətranlı sabun iyi verən bədəni xilas edirdi. Sonra necə olmuşdusa, qadın, onun qayışının düymələrini açdıqca qəfildən əli, suyun içində üfürülmüş qurbağa kimi üzən nə isə yekə bir şeyə dəymiş və qadının, vahimədən az qala ürəyi dayanmışdı, əlini qorxu içində geriyə çəkib ondan uzaqlaşmış, ağzının içində: «Get ananın yanına, qoy o səni ayrısına dəyişsin, yoxsa bu cür sən heç nəyə yaramırsan!» - deyə-deyə ondan uzaqlaşmışdı.
İndi yenə həmin o qorxu, bəlkə ondan bir az da betəri onu, Letisiya Nasarenonun bədənini görəndə bürümüşdü və anlamışdı ki, bu qadının rəhmdil köməyi olamadan, heç cür onun sirli sularının qoynuna baş vura bilməyəcək. Odu ki, bu rəhmdil köməyin intizarında, qadının üstünü döşəkağıyla örtüb, qramafonda ona, bədbəxt Delqadinanın, günahkar məhəbbət haqda mahınısını, val yeyilənədək oxutdururdu; o, Letisiya Nasarenonun yataq otağındakı gül vazlarına parçadan düzəldilmiş yalançı güllər qoymağı əmr etmişdi, çünki diri güllər, qadının bircə toxunuşundan solurdu; o, Letisiyanın hər şıltaqlığıyla oynamağa razı idi, təki o, həmin o qapısı bağlı otaqda çılpaq vəziyyətdə o qədər otursun ki, bu qoca, lakin imkanlı adamın sevgilisi olmaqdan savayı ayrı əlacı olmadığını anlasın. Letisiya isə bunu həmin dəqiqə başa düşdü və məsələni uzatmadan, əmrlərini verməyə başladı: «General, pəncərəni açın havam çatmır!» Qoca bu əmri yerinə yetirən kimi, o dəqiqə ardı gəlirdi: «Bağlayın! Ay düz üzümə düşür!» Qoca itaətlə onun bu əmrini də, o biriləri də yerinə yetirirdi və gündən-günə elə bil daha itaətkar olurdu; günlərin bir günü isə, şəffaf yağışlar yağan gün, qoca ürəklənib, özünü pallı-paltarlı Letisiyanın yatağına saldı, qadına dəyib-toxunmadan, yanında uzanıb susdu. Beləcə, qadınla böyür-böyürə uzana-uzana, uzun-uzadı gecələr keçirdi, onun, get-gedə isinən nəfəsini, bədəninin sirli qorxusunu - vəhşi heyvan qoxusunu duydu. Arada bir, Letisiya yuxudan ayılıb onu yatağında görəndə dik atılır: «Gedin burdan, general!» - deyə üstünə çımxırır, o, mədəni surətdə yataqdan düşürdüsə də, qadın yuxuya gedən kimi, yenidən özünü onun yanına salırdı. Düz bir il o, beləcə – Letisiyaya dəyib-toxunmadan, yuxudan oyananda, onu öz yanında görməyə öyrəşdirdi; qadın, bir müddət, hakimiyyət həzzlərini, min bir həyat sevincini onun bədənini seyr eləməyə dəyişən qocanın qəlbinin gizli arzularını anlaya bilmirdi. Günlərin bir günü – növbəti şəffaf yağışlar yağan gün, ürkək qoca axır ki, yuxulu Letisiyayla təmasda olmaq qərarına gəldi və bir vaxtlar elədiyi kimi, nə vaxtsa bir küçə qadınının çimdiyi çaya palı-paltarlı girdiyi kimi, əynindəkiləri soyunmadan, nişansız səhra geyimində, qılıncı qınında, şalvarının cibində bir dəstə açar, sol tayında qızılı mahmız parıldayan əsgər uzunboğazlarında özünü Letisiyanın yatağına salıb, qəti hücuma keçdi; Letisiya, vahimə içində yuxudan dik atılıb qocanın qucağından çıxmağa çalışdısa da, onun qəti inadını hiss edib bicliklə yaxa qurtarmağı qərara aldı. «Yəhər-qayışınızı çıxarın, general, yoxsa toqqalarınızla döşümü kəsərsiz». Qoca ləvazimatlarını çıxaranda, Letisiya ardını tələb elədi: «Mahmızınızı açın, general, yoxsa ulduzları qoltuqlarımı cızar! Cibinizdəki açarları da çıxarın, onlar böyrümə dirənib». O da, qılınclı qınını soyunmaq qərarına gəlməyə üç ay vaxt getməsinə baxmayaraq, onun bütün tələblərini yerinə yetirdi. «Bunlar məni boğur, general!» - bir ay da frençi soyunmağına getdi. – «Bu düymələr adamın lap qəlbini cızır, general!»
Bu, Letisiya tərəfindən qəsdlə uzadılan, qocanı qəzəbləndirmədən, qarşılıqlı güzəştlər üzərində qurulan uzunmüddətli, çətin, soyuq müharibə idi və müharibənin sonunda – Letisiyanın oğurlanmasının üçüncü ildönümündə axır ki, onların arasında nə isə baş verdi, lakin nə o, nə də o biri başa düşə bilmədilər ki, baş verən nə idi. Adi gecələrin birində onun, tale xətləri olmayan yumşaq ovucları, rahibənin hansısa gizli qadın simlərinə toxundu və Letisiya yuxudan, ehtirasdan titrədə-titrədə ayıldı, bədəninə zəli kimi sarılan vəhşi heyvanı özündən uzaqlaşdırmağı ağlına belə gətirmədi, bircə yazıq səslə: «Uzunboğazlarını soyun, yoxsa mənim holland döşəkağılarımı bulayarsan!» - dedi. Sonra qoca onları çıxardıqca, ardını gətirdi: «Şalvarını soyun, qurşağını çıxar, hər şeyini soyun, yoxsa səni hiss eləmirəm, həyatım mənim!» Və o, birdən-birə özünü, bir vaxt anasının onu o, anadan olan gün monastrın darvazası ağzında, ətirşah güllərinin sayrışan yarpaqları önündə doğduğu kimi - tam azad hiss elədi; sonra özündə döyüş öküzünün gücünü hiss edərək, bircə həmləyə hər şeyi alt-üst edib, Letisiya Nasarenonun dişlərinin, gəmi dorunun cırıltısına bənzər cırıltısı eşidilən sükut uçurumunun dibinə üzü üstə yıxılıb qaldı. – «Nasareno Letisiya!..» - «Burda!» - «Və o, mənim saçlarımdan ikiəlli yapışdı ki, həmin o dibsiz burulğanda mənim kimi, tək-tənha ölüb itməsin…» Lakin qoca, Letisiyanı həmin o burulğanda təmtək qoydu və unutdu, özü də tək-tənha, fırtlığının uzun-uzadı, sulu sapları arasında dolaşa-dolaşa, sarsıntıdan üzülə-üzülə, özü-özünü göz yaşlarının şor sularında axtardı: «Anam mənim Bendisyon Alvarado, bu şirin əziyyəti dadmadan, bu qədər uzun ömrü necə yaşamaq olardı?» Az qala bağırsaqlarınacan işləyən anlaşılmaz, əzablı–şirinli ağrılardan başını itirə-itirə, bütün bədənini titrədən bu qızdırmanın nə olduğunu, niyə özünü bu cür – başı kəsilmiş heyvan kimi hiss elədiyini, bu şəffaf örtüklü yorğan-döşəyin holland döşəkağılarını bulayan şəffaf cövhərin nə olduğunu, nəhayət, həmin bu şəffaf yağışlı gün nə baş verdiyini, büllur havanın niyə birdən-birə üfunətli iylə iyləndiyini anlamadan, ağlayırdı, siz anlamırdınız ki, sadəcə olaraq, qurtarmışdınız, mənim generalım!..
Axşama yaxın biz saraydan, iylənmiş inək cəmdəklərini yığışdırdıq, bu fantastik xarabalıqda cüzi də olsa, nə isə sahmana oxşar bir şey yarada bildik, amma yenə tapdığımız meyiti müvafiq görünüşünə – əfsanəvi hökmdar görünüşünə salmağa qabiliyyətimiz çatmadı; biz meyitin dərisini balıqtəmizləyən bıçaqla qaşıdıq, dənizin dibinə batıb qalan gəmilərin üstünü örtən mamır qatına bənzər sürüşkən örtüyünü birtəhər soya bildik, sonra onu qətran yağıyla yağlayıb duzlu məhlulda yuduq ki, çürümə ləkələri yoxa çıxsın, quzğunların, meyitin üzündə oyub açdığı dəlmə-deşiklərə doldurulmuş mumun üstünü quru nişastayla pudraladıq, yanaqlarına çəhrayı boya, dodaqlarına pomada çəkib, üzünə həyat rəngi verdik, içiboş göz oyuqlarına şüşə gözlər taxdıqsa da, cəsəddə, ümumxalq nümayişinə çıxarılmaq üçün zəruri olan hökmdar siması yarada bilmədik. Bir yandan məhkəmələr gedir, işlər oxunur, dövlət şurasının iclas zalında, əsrlik despotizmin qalıqlarına qarşı mübarizəyə, ümumxalq birliyinə, mərhumun qırmağından salamat çıxan mülkiyyətin – dünənəcən qorxunc qocanın toxunulmaz əmlakı sayılan nə varsa, hamısının azad surətdə bölünməsinə səsləyən şüarlar eşidilirdi. Onun ölüm xəbəri, inadlı şəkildə gizlədilməsinə baxmayaraq, sehrli bir sürətlə göz qırpımında ölkənin dörd bir yanına yayıldı, bir vaxt vətəndən didərgin güşənlər geriyə döndülər; uzunmüddətli sürgün illərində qarşılıqlı iddialarını unudan liberallar və konservatorlar, hakimiyyət iyi hələ də burunlarından getməmiş ali rütbəli generallar, axırıncı üç mülki nazir, baş arxiyepiskop, bir sözlə, qoca despotun, qoz ağacından uzun stolunun arxasında görmək istəmədiyi camaat geriyə qayıtdı, sonra həmin bu adamlar min cür tədbir tökməyə başladılar ki, prezidentin ölümünü xalqa necə çatdırsınlar ki, hay-küy qalxmasın, xalq kütlələri kor-təbii surətdə küçələrə tökülüşməsin. Nəhayət, bu qərara gəldilər ki, xəbər, iki bülleten şəklində xalqa çatdırılsın: bir nömrəli bülletendə prezidentin səhhətinin yüngülcə pozulması və onun, məhz bu səbəbdən, bir sıra rəsmi ictimai tədbirlərdə və audiensiyalarda şəxsən iştirak edə bilməməsi açıqlanırdı; iki nömrəli bülletendə deyilirdi ki, əla həzrətləri, öz yataq otağından, təbii bir səbəb üzündən – qocalıq zəifliyindən çıxa bilmir. Həmin bu bülletenlərin ardınca, bürkülü bir avqust günü, çərşənbə gününün sübh şəfəqi çəhrayı rəngə bürünən vaxt, kilsə zənglərinin səsi hökmdarın ölüm xəbərini elan etdisə də, yenə heç kim onun ölümünə, ölənin məhz o olduğuna inana bilmədi. Nə idisə, onun ölüm xəbəri bizi möhkəm çaşdırmışdı, üfunətli meyiti əl-qolumuzu keyitmişdi, bəlkə də biz ona görə bu günə düşmüşdük ki, onda bu əllamə qocanı əvəz edə biləcək adamın kim ola biləcəyini təsəvvürümüzə belə gətirə bilmirdik, axı o, xudbinliyindən, sağlığında özünə davamçı seçmək haqqında nəyinki heç fikirləşməmişdi, bu barədə ümumiyyətlə, eşitmək belə istəmirdi; qocalıq hikkəsiylə, ölümündən sonra olacaqları müzakirə etməkdən boyun qaçırır, ələlxüsus da, dövlət aparatı yeni, şüşəli beton binaya köçəndən və o, öz iqamətgahında tək-tənha qalandan bəri bu barədə söz düşəndə, yüz bəhanəylə söhbətin mövzusunu dəyişirdi. O, orda, yuxunun içi ilə gəzirmiş kimi, təzəklərin arasıyla dolaşır, qızılgül kollarının altında, xəstəlikdən çox, qocalıqdan ölən korlardan, cüzamlılardan və ifliclərdən savayı kimsəyə əmr verməyə ürək eləmirdi. Amma elə ki, söz yenə davamçıdan, vətənin gələcək taleyindən düşürdü, o dəqiqə tərsliyi tutur, bütün müəyyənliklər qeyri-müəyyənliyə çevrilir, bütün cümlələr müdrik bir uzaqgörənliklə müşayiət olunurdu. - «Məndən sonra dünyada nə baş verəcəyi haqqında fikirləşmək, ölümün özü qədər qaranlıq məsələdi! Sizin nəyinizə lazımdı axı? Nədən belə narahat olursunuz? Mən, başımı yerə qoyan kimi siyasətçilər yığışıb bu andır ölkəni, bir vaxt böldükləri kimi böləcəklər! Bax görərsiz, bu bölüşmə mərasiminə keşişilər də tökülüşüb gələcək, dövlətlilər də özlərini yetirəcək və hər şeyi çapıb talayacaqlar, kasıblarasa yenə də heç nə catmayacaq, onların güzəranı əvvəlkindən də pis olacaq. O bədbəxtlərin taleyi belədi, nəcisə beşcə qəpik verən tapılsa, bu adamlar dalsız doğulmağa başlayacaqlar! Elə də olacaq, görərsiz!» Sonra o, kiminsə, bir vaxt onun şan-şöhrətli dövrlərində dediyi kəlamı misal gətirib, özü-özünü rişxəndlə ələ salıb gülə-gülə deyirdi ki, onu, ölümündən sonra Yerusəlimdə, peyğəmbərin məqbərəsiylə yanaşı yerləşdirməyə zəhmət çəkməsinlər, çünki o, cəmi üçcə gün ölü qalacaq. - «Bir də, bütün bu söhbətlər boş cəfəngiyyatdır. Sizə bu gün ağlasığmaz görünən məsələlər, gün gələcək, həyata keçəcək. Mən əbədiyəm!» Həqiqətən də o vaxtlar onun taleyi və şəxsiyyəti ilə bağlı məsələlərə heç kim şübhəylə yanaşmırdı. Heç nəyi sübut eləmək olmadığı kimi, heç nəyi rədd eləmək də mümkün olmurdu. Biz hətta, dəqiq bilə bilmirdik ki, bu, onun bədənidi, yoxsa yox. Biz, vətənimiz haqqında, onun tarixini əhatə eləyən tarixdən savayı ayrı bir tarix bilmirdik, onun, öz istəyinə uyğun yaratdığı Kainat ölçülərinin dəyişib, zamanın özünü belə, öz istədiyi şəkildə axmağa məcbur etdiyi vətəndən savayı, ayrı bir vətən tanımırdıq. Tarixin bu səhifələri, ölkənin mənzərəsiylə bir, onun xatirələr bulağının lap çeşməsində, yaddaşının dumanlı, ucqar bir döngəsində parlayıb yox olurdu; o, bu xatirələrlə sarayın içiylə məqsədsiz-filansız, daim alçaqlığın yuva saldığı, bircə dəfə belə olsun, xoşbəxtlik qığılcımı çırtlamadığı dəhlizlərlə gəzib dolaşır, yelləncəyin ətrafına qarğıdalı dəni tökə-tökə toyuqlarını yedirdir, qulluqçusunu lazımsız əmrlərlə çərlədir, gah limonad dolu stəkan gözünün qabağında ola-ola, buzlu limonad tələb edir, sonra ona barmağının ucuyla belə toxunmur, gah hansısa stulu bir yerdən götürüb başqa bir yerə qoydurur, sonra əksinə, əvvəlki yerinə gətirtdirirdi; - bütün bu xırda şıltaqlıqlar, onun tamahkar hakimiyyət hərisliyi ocağına atdığı son, miskin kömürlər idi; o, ölkəni, heç nə eləmədən, mürgü içində, uzaq uşaqlıq xatirələrində gicəllənə-gicəllənə idarə edir, hərdən bir mürgülərinin içində nə isə aydınlaşır, köhnə konstruktorun, hakimiyyətə gəldiyiniə qədərki dövrün hansısa detalı onu mürgüdən ayıldır, bu nəhəg ölkəyə – bu sonsuz tropik bitkilər, keçilməz bataqlıqlar, qədim, dibsiz uçurumlar şahlığına, bir vaxt cəsur ovçuların, canavarları yalın əllərlə tutduqları yerlərə nəzər salır, «Bax belə!» - deyərək, şəhadət barmağını ağzına soxub damağına dirəyə-dirəyə fikrə gedirdi. Sonra danışırdı ki, bir dəfə - bir qaynar cümə gününün axşamı o, əvvəl küləyin uğultusunu eşidərək, sonradan onun qəribə qoxusunu – köz iyini hiss edibmiş və baxıb görübmüş ki, sən demə bu, külək yox, günün günorta çağı göyün üzünü tutub, qabağına çıxanları dağıdıb sökən, özündən sonra çımçılpaq mənzərələr, aara-sıra göy işığı qoya-qoya, yaxınlaşan çəyirtkə bulududu; çəyirtkələrdən sonra Yer üzü, yarandığı günün mənzərəsini xatırladırdı; o, bu fəlakəti yaxşı xatırlayırdı, xoruzların kəsik boğazlarından damcı-damcı yerə süzülən qanı xatırlayırdı; o gün həmin o böyük, qədim kənddə bir qadın vəfat eləmişdi; o, dəfn mərasimində iştirakını da yaxşı xatırlayırdı – anasının əlindən tutaraq, cırcındırla bəzədilmiş meyit uzadılan xərəyin ardınca ayağıyalın yeriyirdi, çəyirtkələr isə, elə hey külək kimi uğuldaya-uğuldaya bir ucdan uçub gəlir, meyitin üstünə, saysız-hesabsız güllər kimi səpilirdilər; - Bizim ölkə o vaxt bu vəziyyətdə idi! Adamlar, ölülərini tabutsuz basdırırdılar, çünki heç nələri yox idi. O, bir dəfə kiminsə artıq istifadə edib özünü asdığı iplə, başqa birisinin özünün asdığının da şahidi olmuşdu. Bu ip, kənd meydanının tən ortasında bitən ağacın budağından asılı vəziyyətdə qalmışdı, ancaq o biri adam özünü asandan sonra qırılıb ona görə yerə düşmüşdü ki, ip artıq çürümüşdü, özünü asan bədbəxt isə yerə yıxılıb kilsəyə yollanan qadınların gözü qarşısında çənə ata-ata çırpınmağa, qadınları qorxutmağa başlamışdı. O, ölməmişdi. Onu, özünü nə üçün asması ilə maraqlanmadan, döyənəklə döyə-döyə ayağa qalxmağa məcbur eləmişdilər. Bu, kim idisə, qərib bir adam idi; qərib də o adam sayılırdı ki, onu yerli kilsəyə gələnlər tanımasınlar. Hə, demək, onu döyənəklə döyə-döyə ayağa qaldırmışdılar, ayaqlarına çin qandalları vurub, qızmar günəşin altına - yeddi küləyin qovşağına, özü kimi bədbəxtlərin arasına atmışdılar. – «Həmin o illər vəziyyət belə idi, Allahın qüdrəti dövlətdən üstün olan o dövrlər hal-qəzyə bu cür idi!» Hakimiyyətə gələn kimi, o, bütün kənd meydanlarındakı ağacları kökündən kəsmək əmrini verdi ki, dar ağacları bazar günləri camaatı qorxutmasın, çin qandallarıyla aparılan ictimai işgəncələri ləğv elədi, tabutsuz dəfnləri qadağan elədi, onun bərqərar olacağından xəbər verən o dövrləri xatırladan hər bir şeyi qadağan elədi. Dağlara dəmir yolu çəkdirdi ki, heyvərə qatırların ucbatından baş verən qəzaların qabağı birdəfəlik alınsın, qəhvə plantasiyalarında bal-maskaradlar keçirmək üçün sahələrə, otuz qatırın belində otuz royal göndəriləndə baş verən bədbəxt hadisə bir də təkrarlanmasın. Bu qəza haqqında hətta xaricdə də çox yazırdılar və danışırdılar, amma hadisənin əsl mahiyyətini ondan savayı heç kim bilmirdi; o da ona görə ki, hadisə baş verən zaman bircə o, təsadüfən pəncərədən boylanmış və qarlı zirvənin kənarında büdrəyib bir-birinin ardınca uçurumun dibinə yuvarlanan qatır karvanını görmüşdü. Bunu bircə o görmüşdü, uçurumun dibinə uçan qatırların dəhşətli kişnərtisini, royalın, karvanın süqutunu müşaiyət edən, göy gurultusuna bənzər akkordlarını bircə o eşitmişdi; ölkənin yerdə qalan hay-küy həvəskarları isə gecə-gündüz, hələ də daş-kəsəyin üstə ağ toz dumanı dayanan uçurumun ətrafında vurnuxur, Avstriyadan gətirilən bu royalların, hansı möcüzəylə tikə-parça olub uçurumun dibinə dağılmasının səbəblərini araşdırırdılar. Bu qəzanın acı mənzərəsi, dillə deyə bilmədiyi ayrı vaqiyələr də dönə-dönə onun gözələri qarşısında canlanırdı - kövrək xatirələri, bəzi həyat lövhələri, yaxud qızdırmalı vaxtlarında eşitdiyi hadisələr…. Bəlkə də, ola bilsin, bütün bunları o nə vaxtsa, siyasi və ictimai durğunluq dövrlərində həzz ala-ala, səyahət haqqında oxuduğu kitabların səhifələrində oxumuş, bu kitablarda təsvir olunan qravürləri saatlarla beyninə həkk eləmişdi?! «Bir də ki, indi daha bunun nə əhəmiyyəti vardı ki? Bütün bunlar həqiqət idi, ya uydurma idi – fərqi nə idi ki? Onsuz da zaman keçdikcə, hər şey həqiqətə çevriləcək, hər əhəmiyyətsiz şey çönüb ciddi həqiqət olacaq!» - deyirdi və həqiqətən də, elə bilirdi ki, onun əsl uşaqlığı, uşaqlıq çağları heç də göründüyü qədər uzaqda - kövrək xatirələr bataqlığında, inək təzəklərinin tüstüsündən yaranan və həmin dəqiqə də orda yoxa çıxan hansısa adda-budda, qırıq-qırıq assosiasiyalarda yox, elə burdaca - onu hər gün saat ikidən dördəcən gül-çiçəkli talvarın altındakı məktəbli partasının arxasında oturdub oxumağı öyrədən yeganə qanuni arvadı Letisiya Nasarenonun yanında keçirmişdi. Bu, qadının böyük şücaəti idi; o, bu dərslərə bütün rahibəlik qabiliyyətini, son gücünü sərf edirdi, qoca da onun bu səylərinə, öz nəhəng iradəsinin gücüylə, bütün qəldini və qabiliyyətini tədrisə həsr etməklə, tükənməz qocalıq hövsələsiylə cavab verirdi.
Dünyada hər şeyi unudub: «Pəncərənin önündəki şam ağacı yu-xu-lu şehin için-də-dir» - deyə, höccələyə-höccələyə özü öz səsini eşitmədən, oxuyurdu; anasının narahat quşlarının səs-küyündən, onu ümumiyyətlə, heç kim eşitmirdi, o da elə hey ucadan oxuyurdu: «Hin-du ma-zı ban-ka-ya qoyur… A-ta qəl-ya-nı tən-bə-ki i-lə dol-du-rur… Se-si-li-ya pen-dir, ka-hı, çu-ğun-dur, xa-ma, do-nuz pi-yi, si-yənək, şə-kər sa-tır… Sesiliya hər şey satır.» - deyirdi və gülürdü, rahibənin ona, ibrətamiz səslə, uşaqlara dərs verən müəllimə ədasıyla söylədiyi mətnin sözlərini, mığmığaların vızıltısına uyğun ritmlə oxuyur, sonra bütün dünya, bütün Yer üzü bu səsə bürünürdü və bu hüdudsuz, kədərli ölkədə məlum həqiqətlərdən savayı, heç bir şey qalmırdı; gözə dəyən, ələ gələn cəmi bir neçə şey – göydəki ay, qoyun və banan, don Viktorun öküzü, bir də Otiliyanın gözəl paltarı qalırdı… Onun bu qiraət dərsləri, səhər-axşam hər yerdə, hər adamın qulağının dibində səslənməyə başlayırdı, portretləri kimi, hamını qarabaqara izləyirdi. Hollandiyanın maliyyə naziri, prezidentin rəsmi qəbulunda baş tutan söhbətin işgüzar havasından, özü də bilmədən, ona görə azıb çıxdı ki, qaraqabaq qoca, ipək əlcəkli əlinin hərəkətiylə nazirin sözünü kəsərək, onu da özüylə bərabər: «Mən ana-mı se-virəm… İs-ma-yıl a-da-nı ax-ta-rır-dı… Xanım po-mi-dor ye-yir-di…» - deyə oxumağa məcbur elədi. Beləcə oxuya-oxuya, o, barmağını metronom kimi tərpədə-tərpədə, pauzaların müddətini ölçür, bu çərşənbə axşamına verilən ev tapşırıqlarını səylə təkrarlaya-təkrarlaya, istəyinə nail olur - Hollandiyanın təqdim elədiyi sənədlərin ödəniş vaxtı uzadılırdı. - «Bu barədə bir gün vaxt tapıb söhbət edərik, cənab nazir!» Sübh tezdən qızılgül kollarının altında oyanan korlar, cüzamlı, iflic xəstələr, ibadət mərasimlərindəki kimi oxuya-oxuya, onları xaçın altından keçirən acıqlı qocanı görəndə, mat-məəttəl qalırdılar: - «Göylər sultanıyam mən – qanunu sevirəm mən, bəsirətli adamlar tənha səhrada ulayar! Mayak – hündür qaladır, işığıyla gəmiləri gecəyə yollayan qaladır!» O, Letisiya Nasarenonun ona bəxş etdiyi bu gecikmiş xoşbəxtlikdən nəşələnə-nəşələnə, cümlələrin hər birini üç dəfə oxudu. Zamanın özü Letisiya Nasareno idi, - «Mənim həyatım Letisiya Nasareno!» Siestanın bürkülü xərçəng iyi hopmuş ağır havasında Letisiya Nasareno ilə böyür-böyürə, tərdən nəmlənmiş döşəkağının üstündə, elektrik ventilyatorlarının, yarasa qanadına oxşar pərləri altında uzanmaqdan savayı ayrı ləzzətli bir şey yox idi; «Sənin yançaqlarının işığından savayı ayrı işıq yox idi, Letisiya, sənin, totemik idolların döşünə bənzər döşlərinndən, yastıdaban ayaqlarından, şəfqətli sədəfotu budağı qoxuyan iyindən, bir də, bir vaxtlar, tənha bir sübh çağı dünyaya gəlib, bataqlıq çürüntüsünün iyini ciyərlərinə çəkdiyin uzaq Antiqua adasının canüzən yanvar istisindən savayı heç nə yox idi!» Onlar, xüsusi fəxri qonaqlar üçün ayrılmış yataq otağına çəkilir, belə vaxtlar heç kim onlara mane olmağa, otağın qapısına beşcə metr yaxına getməyə belə ürək eləmirdi. – «Çünki mən çox məşğulam – mən oxumağı və yazmağı öyrənirəm!» Onu hətta, kənd camaatının, Sarı titrətmədən qırılıb tökülməsi xəbəriylə də, narahat eləməyə ürək eləmirdilər; – o öyrənirdi, ürəyinin döyüntüləri Letisiyanın vəhşi heyvan iyindən həssaslaşıb metronomun zərbələrinin ritmini ötüb keçirdi, o öyrənir və təkrar edirdi: «Cırtdan bir aya-ğı üstə rəqs e-dir! Eş-şək də-yir-ma-na ge-dir! O-ti-li-ya yay-lı-ğı-nı ya-xa-la-yır! Yay-lıq «a» hərfi ilə yazılır!»
Letisiya isə bir qulağı onda, sevgi məşğələləri zamanı bulanmış döşəkağıları yığışdırır, onu ilıq vannaya salır, ətirli sabunla sabunlayıb lifləyir, sonra şəfqətli otlardan dəmlənmiş suya çəkir və onunla bir təkrarlayırdı: «x» hərfi «xor», «xaç», «xırman» və sair bu kimi sözlərdə əvvəldə yazılır!» Sonra o, onun ayaqlarının quruyub qaxaclaşmış qatlarını, qaşınmadan qızaran dərisini kakao dənələrinin yağıyla yağlayır, balaca körpələri pudralayan kimi, sısqa yançaqlarını ağ tozla pudralaya-pudralaya, nəvazişlə şillələyir və: «Bax, bu, Hollandiya maliyyə nazirinə görə! Al! Al!» - deyirdi. Sonra Letisiya onu, günahlarını yudurtmaq üçün, bir vaxt ölkədən qovdurduğu kilsə əyanlarını geri qaytarmağa məcbur elədi; – axı xəstəxanalarla, yetimxanalarla, digər Allaha yaxın yerlərlə kimsə məşğul olmalıydı?!.. İş bu yerə çatanda, bir müddət heç bir şey alınmadı, qoca ona kinli üzünü göstərib: «Heç vaxt!» -dedi. İctimaiyyətin gözü qarşısında bir dəfə qəbul olunmuş qərarı dəyişməyə heç kimin gücü çatmaz; lakin Letisiya, inadından dönmədi, onu sevgi anlarının ən təngnəfəs döngələrində yaxaladı, dilə tutub: «Bircə bunu xahiş eləyirəm sənnən, həyatım mənim, bircə bunu! Qoy bu zavallı dindarlar öz yerlərinə qayıtsınlar, axı, onlar heç vaxt sənin bir işinə qarışmayıblar, heç vaxt heç bir işinə burun soxmayıblar!» - dedi. O isə həmişəki hövsələsiz ehtirasında boğula-boğula: «Heç vaxt, əzizim, - deyirdi - eşşək əvəzinə hinduları minib gəzən, ucuzlu şüşə muncuqları qızıl nariqerilərə* və arrekadalara** dəyişən bu arvadağızların geri qayıtmasına icazə verməkdənsə, ölərəm!» Buna cavab olaraq, Letisiya onun şəhvətli istəklərini rədd edir, bədəninə toxunmağa icazə vermir, inadla, dövlətin musadirə etdiyi kilsə məktəblərinin ruhani idarələrinə qaytarılmasını, kilsə mülkiyyətindən sekvestrin götürülməsini, şəkər zavodlarının, kazarmaya çevrilmiş məbədlərin monastrlara qaytarılmasını xahiş eləməyinə davam edirdi. Onda o, qətiyyətlə üzünü divara çeviririb: «Bu Allah quldurlarına, neçə yüzilliklər boyu ölkənin ciyərlərini yeyib sökən bu quzğunlara imkan verməkdənsə, sənin bu sonsuz məhəbbətinin ləzzətli əzablarından imtina eləsəm yaxşıdı. Heç vaxt! Onların ayağı buralara dəyməyəcək!»
«Lakin onlar geri qayıtdılar, mənim generalım!»
Onlar ölkəyə sizin gizli əmrinizə əsasən, ən darısqal, gözəgörünməz cığırlarla, gözdən-könüldən uzaq limanlarda sakitcə, gizlicə dayana-dayana qayıdırdılar. Letisiyanın xahiş elədiyi adamların, demək olar, hamısı geri qayıdırdı, onlara dəyən zərər artıqlamasıyla ödənilirdi, müsadirə olunmuş əmlakı – bütün mülkiyyəti kilsəyə qaytaranda, vətəndaş kəbinləri və boşanmaları haqqında qanunlar ləğv edildi, məktəbin kilsədən ayrılması haqqında qanun ləğv edildi. – Bendisyon Alvaradonun müqəddəslər sırasına daxil edilməsinə etiraza qarşı cavab olaraq, qəbul edilmiş bütün qərarlar ləğv edildi, Allah ona rəhmət eləsin! «Sənə daha nə lazımdı?» Letisiya Nasarenoya isə hələ çox şey lazım idi, odu ki, günlərin bir günü qocaya: «Qulağını qarnıma qoy, – dedi – onda görərsən ki, qarnımda böyüyən uşaq, səsinə necə səs verir.» Letisiya özü də içindən, bətnindən, dölətrafı bol suların qoynunda yırğalanan canın səsindən qorxub diksindi. «Sənin qanındı…» - Letisiya dedi; onda qoca, eşidən qulağını onun qarnına dirəyib dinlədi və körpənin ürək döyüntülərini eşitdi. «Bizim günahın övladıdı, - Letisiya dedi - günah dolu sevgimizin övladı, bizim oğlumuz – Emmanuel adlanacaq oğlumuz… bu, müqəddəs addı, onun alnında, mənsub olduğu əsil-nəcabətin işarəsi parlayacaq, anasından o, fədakarlığı, atasından – böyüklüyü mənimsəyəcək, o da atası kimi, taleyin hökmüylə, bütün canlı aləmin rəhbəri, aparıcı qüvvəsi olacaq, lakin əgər atası müqəddəs altarın önündə, bu vaxtacan qadağalı eyş-işrət, kafirlik sayılan bu əlaqəni qanuniləşdirməsə, o, göylər tərəfindən lənətlənib, bic doğulan uşaqlar sırasında, öz vətəni tərəfindən gözdən salınacaq!» Onda o, yatağın üstündəki naxışlı örtüyü kənara atıb ayağa qalxdı, nəfəsi, gəmi sobasının gurultusu kimi uğuldaya-uğuldaya, qəzəblə: «Heç vaxt! – deyə çığırdı – Ölərəm, evlənmərəm!» - deyib nəhəng ayaqlarını döşəmə boyu sürütləyib xışıldada-xışıldada, gün-gündən yadlaşan sarayın, Bendisyon Alvaradonun rəsmi dəfn matəminin son gecəsindən sonra xüsusi ecazkarlıqla şövqlənən zallarından keçərək, gözdən itdi. Pəncərədən matəm pərdələri açılmışdı deyə, otaqları günəşin gur işığı bürümüşdü, dənizin nəfəsi içəri dolmuş, eyvanlarda güllər açmışdı, çöldən, hərbi marşların səsi eşidilirdi; bütün bunlar, onun vermədiyi əmrin şərəfinə idi, bu əmri o verməmişdisə də, şübhəsiz ki, bu, onun üslubunda olan əmr idi; əmrdə, onun təmkinli qətiyyəti, üslubu hiss olunurdu. Odu ki, o, əmri qəbul elədi. - «Razıyam!» Sonra yenə onun vermədiyi, lakin mətniylə razılaşdığı ayrı bir əmrlə bağlı məbədlərin qapıları açıldı, monastrlar və qəbristanlıqlar müqəddəs ataların ixtiyarına verildi, kilsə bayramları və müqəddəs orucluq bərpa edildi; açıq pəncərələrdən, ona dua edib diz çökən camaatın xoş səsi eşidilirdi, onlar Allahın yerdəki nümayəndəsinin ölkəyə qədəm qoyması münasibətiylə şadyanalıq edirdilər. Bu nümayəndə, Letisiyanın göstərişiylə, gəmilərdən birində gətirilirdi; bu, Letisiyanın yataq otağında birdən-birə ağlına gəlib, özbaşına qəbul elədiyi və camaatın gözü qarşısında hörmətini itirməmək üçün, rəsmi surətdə təsdiq etməyə məcbur olduğu qərarlardan biri idi.
Letisiya, onun, pəncərədən gizli təəcüblə müşahidə etdiyi ucsuz-bucaqsız dindarlar izdihamının təkanverici qüvvəsi idi; bu izdiham, say etibarıyla Bendisyon Alvaradonun külünə sitayiş etmək üçün, bir vaxt küçələrə çıxan fanatiklər ordusundan qat-qat çox idi. Bendisyon Alvarado xatirəsi hər cür üsullarla məhv edilirdi; həmin bu möminlər kütləsi Bendisyon Alvaradonun külünü, quruyub çürümüş gəlinlik fatasının ovuntularını küləyə verirdilər, adı yazılmış qəbirüstü lövhə tərs üzünə çevrilib sərdabənin üz tərəfinə – divara həkk edildi ki, bu yerlərdə ömrü boyu boz quşları qu quşuna çevirməkdən ötrü fırçası əlindən düşməyən mərhum quş alverçisini yada sala bilən bir iz qalmasın. - «Və bütün bunlar sənin əmrinlə, sənin istəyinlə baş verdi ki, ayrı bir qadının xatirəsi, sənin mənə olan sevginə kölgə sala bilməsin, mənim dərdim, Letisiya Nasareno, it qızı!» Letisiya onu elə bir yaş həddində dəyişdirmişidi ki, bu yaşda insanı dəyişmək mümkün deyildi, belə yaşda insanı yalnız ölüm dəyişdirə bilərdi; evlənməkdən yüz bəhanə ilə boyun qaçırıb, uşaq şıltaqlığıyla dediyi: «Ölərəm - evlənmərəm» söhbətini isə Letisiya yataqdaca, şirin sevgi dəqiqələri ərzində usta fəndlərlə kökündən kəsmişdi, üstəlik, onu, təzə qurşaq taxmağa məcbur eləmişdi, «yoxsa, qoca, qara quzunun dərisində azmış zınqırovu kimi yellənə-yellənə qalmışdı…»; O, onu, bir vaxt gözəllik kraliçalarıyla vals oynadığı laklı uzunboğazları geyməyə, ölənəcən ali hakimiyyət simvolu kimi taxmağa məhkum olduğu qızıl mahmızı, uzunboğazın sol tayına keçirməyə, Böyük Admiralın ona şəxsən bağışladığı, qızılı saplarla, baftayla işlənmiş epoletli ağır kitelini - gün üzünə çıxmadığı uzun illərdən bəri, prezident karetinin pəncərəsində dərin fikirlərə qərq olmuş profilinin, qəmli baxışının, ipək əlcəkli əlinin hüznlü hərəkəti göz qırpımında görünən vaxtlardan bəri geymədiyi kitelini geyməyə, kişi ətri vurmağa, döyüş qılıncını, bütün orden-medallarını, Roma Papasının, müsadirə edilmiş kilsə əmlakının geri qaytarılmasına görə onu təltif etdiyi Tanrı Dərgahı ordenini, kavaler lentini taxmağa məcbur elədi. - «Sən məni lap bayram yemişi kimi bəzədin!» Sübh tezdən həmin bu görkəmdə Letisiya onu, təmtəkcə, müşayiətsiz-şahidsiz, tül fatasının dumanı içində, yeddi aylıq biabırçı qarnını ikimərtəbəli kətan tumanının – gips təkər kimi kobud, qalın alt və sürüşkən üst tumanın altında gizlədə-gizlədə, mum şamların və pəncərələr boyu solan portağal budaqlarının qarışığından, qəlyanaltı iyi verən ala-qaranlıq iclas zalına apardı. Onlar, bədheybət zalın dörd bir tərəfindən, usanmadan çalxalanıb uğuldayan ucsuz-bucaqsız adam dənizinin sahilində don vurmuş kimi key vəziyyətdə, tər içində yanaşı dayanmışdılar. Zalın bütün giriş-çıxışları bağlı idi, pəncərələr, dövlət gerbli qalın pərdələrlə tutulmuşdu; - zal, ölüm qoxusu saçan, anlaşılmaz, ölü bir mərasimə – onların kəbin mərasiminə hazırlaşırdı; bu mərasim, dövlət sirri kimi gizlin saxlanılmalı, dünyada bircə adam belə bu haqda bir şey bilməməliydi. Letisiya, havasızlıqdan boğulur, bətninin qaranlıq sularında üzən körpəsinin səbrsiz təpiklərindən əziyyət çəkirdi. - bu, onun körpəsi idi, onun oğlu idi. - «Axı sən özün istəyirdin ki, oğlun olsun! Bu da oğlan!»
Təntənəli geyimli arxiyepiskopun, harasından çıxdığı məlum olmayan asta səsiylə Allahın şərəfinə oxuduğu duaları dəhlizlər boyu mürgüləyən qarovulçulara belə gedib çatmırdı., Zəhmli qocaya: - «Sən, Letisiya Mersedes Mariya Nasareno ilə evlənməyə razısanmı?» - sualını verərkən, az qala ürəyi dayanan arxiyepiskopun qorxusu, ana bətninin dərin sularında azmış dalğıcın qorxusu qədər anlaşılmaz və qaranlıq idi. Bu vaxta qədər heç kimin ona bu sualı verməyə cəsarəti çatmazdı. Necə yəni, o, kimisə özünə arvad eləməyə razıdırmı?! Heç vaxt heç kim ona belə bir sual verə bilməzdi! Cavabında o, gözünü yüngülcə qırpıb: «Razıyam!» - dedi və ürəyinin döyüntüsündən sinəsində tərpənən orden-medalların cingiltisi eşidildi. «Razıyam!» sözü yenilməz qürurla səsləndi və elə həmin an Letisiya Nasarenonun bətnindəki körpə dölətrafı sularda öz istiqamətini müəyyənləşdirib işığa sarı yön aldı. Letisiya, ağrıdan üçqat olub təngiyə-təngiyə: «İlahi, pərvərdigara, sənin müqəddəs qanunlarını, öz şəhvətini doyurmaqla yerinə yetirən sadiq rahhibəni əhv et! Sənin cəzanı qəbul edirəm, ilahi!» - deyə, çanaq sümüklərinin cırıltısını gizləmək üçün, naxışlı paltarını cırıb sökdü və ikilaylı tumanının dolaşığından, öz yarımçıq bicini çəkib çıxartdı. Körpə, təzə doğulmuş buzov ölçüsündə, elə buzov kimi də köməksiz idi. Letisiya körpəni əlinə alıb yuxarı qaldırdı, onu rəngbərəng altarın zəif işığında gözdən keçirib oğlan uşağı olduğunu dəqiqləşdirdi. – «Siz necə istəmişdiniz, mənim generalım – oğlan!» Bu müqəddəs, Emmanuel adı daşımalı olacaq, lakin heç bir əməli ilə Allahın adına şərəf gətirə bilməyəcək bu körpə, çəlimsiz bir oğlan uşağı idi; atası onu, qurbanlıq daşının üstünə qoyub göbəyini öz qılıncıyla kəsərək, yeganə qanuni oğlu elan etdi və həmin gündən bəri uşaq, bütün hüquqları onun ixtiyarına verilmiş diviziya generalı təyin edildi. - «Onu xaç suyuna salın, müqəddəs ata!»
Bu qəribə hadisə, qədəm qoyan yeni dövrün müqəddiməsinə çevrildi, dəhşətli, ağır dövrlərin başlanğıcı oldu. O dövrlər camaatın yadında, küçələrin, hələ səhərin gözü açlmamışdan, xüsusi karton lövhələrlə dövrəyə alınmasıyla qalmışdı; ordu, bazar alverçilərini tüfənglərin qundağıyla o baş-bu başa qova-qova, hay-küy sala-sala, camaatın gözünün odunu alırdılar ki, hamı pəncərə və eyvanlarını kip bağlasınlar; heç kim, küçələrdən güllə kimi ötən, qızıl dəstəkli limuzini görməməliydi; damlarda, bacalarda hansısa təsadüf üzündən gizlənib oğrun-oğrun aşağı boylanmaq nəsib olanlarsa, küçələrdən yel kimi vıyıldayan hökümət limuzinini, prezidentin şəxsi limuzinini – maşının içində, başında, kənarları güllü fetr şlyapa, boğazında bir düjün tülkü dərisi oturan balacaboy rahibəni görürdülər; görməmişin oğlu oldu, günorta çıraq yandırdı! Biz, hər çərşənbə, səhər tezdən, bazarın girəcəyində maşından düşüb, balaca generalın əlindən tutaraq, bir dəstə əsgərin müşayiəti ilə bazara girən Letisiyanı görürdük; o illər uşağın üç yaşı ancaq olardı, həm də uşaq o qədər arıq və çəlimsiz idi ki, oğlandan çox, qızılı saplarla işlənmiş hərbi mundir geyimli qıza oxşayırdı; mundir uşağın əyninə elə kip otururdu, elə bil o, elə mundirdə doğulmuşdu; bu mundiri o, diş yeri təzə-təzə yarılandan – Letisiya onu arabada, atasının təmsil etdiyi rəsmi mərasimlərə gətirəndən, anasının qucağında otura-otura, öz ordusuna tamaşa eləməyə başlayandan bəri geyirdi; bu forma, həndbol oyunlarının sonunda camaatın, gənc generalın şərəfinə səsləndirdiyi alqışlar altında, anasının əlləri üstə göylərə qaldırıldığı vaxtlardan onun əynində idi; həmin bu formada o, milli bayram münasibətilə keçirilən paradda, üstü açıq avtomobildə otura-otura, anasının döşünü əmirdi; Letisiya, camaatın, süddən üfürlənmiş döşünə buzov kimi təpilən körpə generalı çoxmənalı baxışlarla süzə-süzə, bir-birinə göz vurmasına qətiyyən məhəl qoymurdu; diplomatik qəbullarda isə uşaq, artıq heç kimin köməyinə ehtiyacı olmadığı vaxtlardan iştirak etməyə başlamışdı; bu qəbullara o, təkcə hərbi mundir geyməklə kifayətlənmir, atasının mücrüsündən öz zövqünə uyğun seçdiyi döyüş medallarını da sinəsinə taxırdı; bu, qəribə təbiətli, ciddi bir oğlan idi, artıq altı yaşında, cəmiyyət içində özünü lazımi səviyyədə apara bilirdi, böyük adamlarla, bərabər tərəf müqabili kimi, şampan əvəzinə, meyvə şirəsindən qurtum-qurtum içə-içə, söhbət edirdi; qəribədi ki, o, adamlarla münasibətdə çox mədəni və qılıqlı idi, bu keyfiyyətləri kimdən qazandığı məlum deyildi; düzdü, bəzən elə də olurdu ki, qəbul mərasiminin ab-havası, qara buludlarla dolmuş kimi tutulur – zavalı vəliəhd əsnəməyə başlayır və yuxulayırdı. Onda sanki zaman dayanır, söhbətlər, cümlənin yarısındın qırılıb havadan asılı qalır, hərəkətlər donur və kiminsə: «Sakit, balaca general yuxuya gedib!» - deyən asta pıçıltısı eşidilirdi; sonra adyutant onu, məzəmmət dolu təbəssümünü yelpiclərinin arxasında gizlədə-gizlədə: «Biabırçılıq! Əla həzrətlərin gözündən iraq!» - deyən rəsmiyyətpərəst xanımlar və sığallı casuslar yığnağını yara-yara otağına aparırdı; general isə beyninə yeritmişdi ki, guya bunlardan xəbərsizdi, hətta özü-özünü inandırmışdı ki, ona, yüzlərlə bic uşağın arasından seçib yeganə oğlu elan elədiyi bu balaca uşağın hoqqalarına fikir vermək düzgün deyil, belə xırda məişət məsələlərinə məhəl qoymaq, Letisiya Nasarenonun saysız-hesabsız iddialarına məhəl qoymaq kimi bir şeydi. Hə, demək, çərşənbə günlərinin sübh çağı o, öz oyuncaq generalının əlindən tutaraq, bir sürü kazarma aşbazı və əsgər forması geymiş başkəsən quldurların müşayiəti ilə şəhər bazarına gəlirdi. Bu adamlar, sübhün kal şəfəqləri altında canlı adamlardan çox, ölü ruhlara oxşayır, günəşin, Qəraib dənizinin sonsuz səthi üzərində yaratdığı ani, sehrli mənzərə qədər gözlənilməz təsir bağışlayırdılar; onlar, bellərinəcən limanın üfunətli sularına girir, ordan birbaş bu ticarət limanına, Martinikidən gül-çiçək, Paramaribodan zəncəfil gətirib gələn çəkili yelkənli gəmilərə soxulub, onları tar-mar edirdilər; qabaqlarına çıxan hər kəsi talayıb soyur, gözlərinə dəyən hər bir şeyi hücumla ələ keçirirdilər; balıqçıların ovunu əllərindən alırdılar; hətta satdıq donuzlara yem əvəzi verilən tullantı balıqları belə qamarlayırdılar; donuzları tüfəngin qundağıyla döyür, bir vaxt qulların çəkisi ölçüldüyü Nuh əyyamından qalan, lakin hələ də işləyən tərəzilərin içinlə yığılmış tullantı balıqları da yığışdırırdılar; həmin bu tərəzidə, onun hakimiyyətinə qədərki qədim dövrlərdə, Seneqaldan gətirilən ilahi gözəlliyə malik qul qadınlar və onların ağırlığında qızıl ölçülürdü.
«Onlar hər şeyi söküb talan elədilər, mənim generalım! Bunlar çəyirtkədən də qorxulu həşəratdı!» Qoca, günbəgün yetişib sulana-sulana, növbəsini gözləyən bu söhbəti, həmin o çərşənbədən sonra açmadı; bu söhbət, o biri çərşənbədən sonra da açılmadı; Letisiya, şəxsən onun eləməyə cəsarət eləmədiklərini eləyəndən sonra da. Letisiya boynundakı tülkünün parıldayan gözlərinə hürən bir sürü küçə itlərinin müşayiəti ilə özünü quş və tərəvəz satılan piştaxtaların arasına salır, hürüşməyə məhəl qoymadan, ədalı yerişiylə ticarət zalının nəhəng arakəsmələri ilə, bədii təsvirlərlə işlənmiş dəmir sütunların arasıyla, sarı şüşədən düzəldilmiş nəhəng yarpaqların və dəmir budaqların, çəhrayı şüşədən tökülmüş nəhəng almaların, mavi şüşədən tökülmüş, içi əfsanəvi bitki səltənətiylə dolu bolluq buynuzlarının altıyla gəzməyinə davam edirdi. O, ən şirəli, yeməli meyvələri, ən təzə, təravətli tərəvəzləri seçib götürürdüsə də, əli dəyən meyvə o dəqiqə öz təzəliyini, təravətini, gözəlliyini itirib solurdu; bu, onun əlinin qəribə, naməlum xüsusiyyəti idi – toxunduğu hər bir şeyi məhv edib korlamaq. Onun ani toxunmasından, təzə, isti çörək quruyub kiflənirdi, barmağındakı nişan üzüyünün qızılı isə qaralırdı. Lakin, o, bu xüsusiyyətini heç cür boynuna almaq istəmir, bazar alverçiləriylə mübahisə edib hay-küy salırdı ki, guya onlar təzə mallarını gizlədib, qəsdən pislərini, çürüklərini ona sırıyırlar. «Bu eybəcər manqoları ancaq donuzlara yedirtmək olar! Fırıldaqçılar! Auyamalarını* mənə elə soxuşdururlar, elə bil mən kar-zadam, bunun, düşük musiqiçi kimi özü-özünə cingildəməyini eşitmirəm!» Bir qədər sonra bazarın o biri başından onun ayrı çığırtısı gəlirdi: «Guya indi, bu mal ətidi? Qancıqlar! Bu, içi qurd basmış təzəkdi, təzək!» «Baxan kimi, görünür ki, bu qaban qabırğaları yox, xoleradan gəbərmiş eşşəyin sümükləridi, it qızları!» O, beləcə, qoltuğu zənbilli aşbazlarıyla, əli vedrəli əsgərləriylə dörd bir yanı çapıb-taladıqca, dil boğaza qoymur, səsi batanacan uluyurdu. Letisiyanın bu quldursayağı çığırtıları, Şahzadə Edvard adasının qar basmış tülkü yuvasının iyini hələ də özündə saxlayan boynundakı tülkü dərilərinə qısqıran itlərin hürüşündən daha ətürpədən, söyüşləri, danışan tutuquşuların, sahiblərinin böyük məmnuniyyətlə Letisiyanın üzünə demək istədikləri, lakin heç cür deyə bilmədikləri söyüşləri mənimsəyən qırmızı quakamayaların söyüşlərindən daha qəliz və kobud idi. Onlar ləzzətlə Letisiyanın üzünə: «Oğru Letisiya, fahişə-rahibə!» - deyib çığırırdılar. Həmin bu sözləri, bazarın qülləsi alıtndakı dəmir sütunlarda, tozlu şüşə yarpaqların üstündə oturan tutuquşular çığırırdı; burda onlar, bazarın içinə düşən quldursayağı çaxnaşmadan, hər çərşənbənin sübh çağı təkrar olunan bukanyer sambapalosundan** çox-çox yuxarıda - əlçatmaz bir yerdə otururdular; bütün bu mənzərə, səsi gün-gündən mülayimləşib mehribanlaşan, hərəkətləri bişdikcə, oyuncaq qılıncını zorla da olsa, arxasınca sürüyə-sürüyə, özünü kişiyə oxşatmağa çalışan, əl boyda oyuncaq generalın uşaqlıq dövrünün ən yaddaqalan əlaməti idi.
Uşaq, bütün bu soyğunçuluğun baş verdiyi bazar qalmaqalına tam sakit və laqeyd idi, özünü, anasının öyrətdiyi kimi, alicənab kökdən hesab olunması üçün qürur və ləyaqətlə aparırdı; Letisiya isə, başlarına al-əlvan parçadan çalma sarımış, dinməz, qarabuğdayı qarıların gözü qarşısında həyasız ləçər kimi ən pis küçə söyüşlərini işə salıb, hamını bazarın çirkabına salıb-çıxarırdı; qarılar, onun yeddimərtəbəli söyüşlərinə dinməzcə qulaq asır, bu biabırçı talanı laqeyd üzlərlə, müqəddəs simaların portretlərindəki tək, gözlərini belə qırpmadan, üzlərini yelpicləriylə yelləyə-yelləyə müşahidə edirdilər; adama elə gəlirdi, onlar nəfəs belə almırlar; sonu, Letisiya Nasarenonun, balaca generalın əlindən tutaraq, əsabələrinin müşayiəti ilə, quduz itləri yara-yara: «Hesabı dövlətə göndərərsiz, hamısı ödəniləcək!» - deyə-deyə, çıxışa sarı addımlamasıyla bitən bütün bu biabırçılığı, bu abırsız soyğunçuluğu sakitcə qəbul etmək üçün bütün bu baş verənlərə, tənbəki yarpağına bükülmüş koka yarpağının məstedici kürələrini ağızlarının içində çeynəyə-çeynəyə baxır, içlərini gözə dəymədən, yüngülcə çəkib: «İlahi! Əgər bütün bunları general bilsəydi!?.. Kaş heç olmasa, ucundan-qulağından ona çatdıraydılar!» - deyirdilər. Zavallı qarılar elə bilirdilər ki, general, az qala bütün dünyanın bildiyi bu biabırçılıqdan xəbərsizdi, arvadı Letisiya Nasarenonun hindu piştaxtalarından, eybəcər şüşə qu-quşularından tutmuş, balıqqulağından yığılmış çərçivəli güzgülərəcən, mərcan külqabılaracan, ərəblərin dükanından, matəm lentləri üçün nəzərdə tutulmuş taftanı, ticarət küçəsində, küçə zərgərlərinin piştaxtalarından qızıl balıq, yumulu yumruq quruluşlu amuletli, qızıl boyunbağıları çırpışdırdığını bilmir; yazıq zərgərlərin əlindən isə, Letisiyanın üzünə: «Sən, boynundakı o tülkülərdən də betərsən.» - deməkdən savayı ayrı bir şey gəlmirdi. O, ac gözlərinə dəyən hər şeyi qamarlayır, rahibəlik həyatından mənimsədiyi yeganə xasiyyətini - pis, səviyyəsiz zövqünü və lazım oldu-olmadı, dilənmək ehtiyacını beləcə təmin edirdi.
Fərq bircə burasındaydı ki, əgər bir vaxtlar o, vitse-kralın, jasmin qoxuyan kvartalının girişlərində dilənərək, xırda-xuruş yığırdısa, indi nəhəng hərbi furqonları, xoşuna gələn qiymətli əşyalarla doldurub, haqq-hesabın hökümətə göndərilməsi bəhanəsiylə aradan çıxırdı. Bu, «pul hesabının», Allahın özünə təqdim olunmasına oxşar bir şey idi, çünki artıq çoxdannan bəri idi, ölkədə bir kimsə dəqiq bilə bilmirdi ki, bu tərəflərdə ümumiyyətlə, dövlət adında bir şey var, yoxsa görünənlər, onun kölgəsidi. Biz, de Armas meydanının qarşısındakı təpəlikdən qala divarlarını görürdük; bir vaxt tarixi nitqlərin səsləndiyi, naxışlı pərdəli pəncərələri və gül vazlarıyla məhşur eyvanları olan hakimiyyət evini görürdük. Gecələr bu bina, göy üzündə üzən gəmiyə bənzəyirdi və nəinki, şəhərin istənilən küncündən – dənizin yeddi minlik məsafəsindən görünürdü; bu bina, əsasən, məşhur şair Ruben Darionun ölkəyə gəlişi münasibəti ilə ağ rənglə rənglənib, dörd bir yanından şar kimi dəyirmi fonarlarla işıqlandırılandan bəri gözə çarpmağa başlamışdı. Lakin, bütün bunlar da cəm halda yenə bizi, prezidentin, həmin bu ağ divarların arasında, həmin bu hökümət evində yaşadığına inandıra bilmirdi. Əksinə, bizim əlimizdə dəqiq əsasımız vardı, belə güman edək ki, bütün bunlar, vur-tut gözdən pərdə asmaqdı; hərb maşınının, prezidentin qocalıqdan mistisizm aləminə qərq olması, ictimai tədbirlərdən, əyləncələrdən uzaqlaşması, özünün öz üzərinə epitimya* qoyması, ömrünün son günlərində bütün qabiliyyətlərini itirdiyini gizlətməsi, ruhunu dərviş əbasıyla sakitləşdirərək, canını yüz cür dəmir avadanlıqlarla rahatlaması barədə söz-söbətlərə son qoyması üçün normal həyat barədə tamaşa düzəltməsi idi; həm də danışırdılar ki, o, tək bir qara çörək və quyu suyuyla dolanır, yataq həzzlərini isə, biskay monastrlarının, dərviş əbası geymiş çılpaq xidmətçiləri ödəyir; deyirdilər, o, beləcə, zorla cinsi əlaqəyə girdiyi bir qadına görə, bircə Allahın köməkliyi ilə hələ bütün ali ordenləri ala bilməyən bu rahibənin ondan uşaq doğmağının günahını yuyanacan, bu vəziyyətdə də qalacaq. Lakin bütün bu söz-söhbətlər, söhbət olaraq da qalır, hər şey, öz əvvəlki qaydasında - onun hüdudsuz kədər səltənətində olduğu kimi, yenə öz yoluyla davam etməkdəydi, çünki hakimiyyətin açarları hələ də Letisiya Nasarenonun əlindəydi və o, pul hesablarının dövlət tərəfindən ödəniləcəyini bildirəndə, onu da bildirməyi unutmurdu ki, bu, şəxsən prezidentin öz arzusudu. «Hesabı hökumət ödəyəcək!» - ilk günlər bu ifadə azca da olsa, ümid işığı yaradırdısa, günlər ötdükcə, öz dəyərini, ciddiliyini itirirdi: «Hesabı hökumət ödəyəcək!» Hadisələr bu minvalla davam etməyindəydi ki, uzun-uzadı illərdən sonra günlərin bir günü, cəsarətli kreditorlar, əllərində çamandanları, özlərini prezident sarayının qəbul bölməsinə yetirdilər. Ən qəribəsi o idi ki, bizə nə «hə», nə də «yox» deyən olmadı. Növbətçi bizi, çox qanacaqlı və cavan bir zabit oturmuş yığcam qəbul otağına ötürdü, orda zabit öz növbəsində, bizə gülər üzlə qəhvə təklif etdi: «Prezidentin öz məhsulundadı, cənablar!» Bundan sonra o, bizə, pəncərələri dəmir çərçivəli, tavanları ventilyatorlu, gur işıqlı, ağ kabinetləri göstərdi; bu kabinetlər elə təmiz, elə işıqlı idi, hər şey o qədər saf və insanpərvər idi ki, bizlərdən hər birimiz özümüzü itirə-itirə biri-birimizdən: «Bəs deyilən o çürük hakimiyyət havası hanı? Öz işləri ilə tələsmədən, sakitcə məşğul olan bu ipək köynəkli məmurlar, bu mülayim adamlar necə qəddar və simic ola bilərlər axı?» - deyə soruşduq.
Cavan zabit isə bizi hey saray otaqlarıyla gəzdirirdi; o bizi, Letisiya Nasarenonun, sübh şehi və səhərin təmiz havası, kor və iflic xəstələrin üfunətindən korlanmasın deyə, dibindən kəsilən qızılgül kollarıyla bəzənmiş içəri həyətə apardı və bizə, bir vaxt kənizlərin yaşadıqları hinəbənzər barakları göstərdi… pas atmış tikiş maşınlarını, hərəmxana sakinlərinin iki-iki, bəzən üç-üç yatdığı kazarma çarpayılarını göstərdi və izah elədi ki, bu qəfəsəbənzər biabırçı barakı söküb, yerində kiçik kilsə tikəcəklər; o, bizə prezident sarayının ən müqəddəs yerini – günorta günəşinin işığından qızılı rəngə çalan diri güllərdən hörülmüş talvarın altında dayanan, yaşıl taxtalardan yığılmış stolu, prezidentin, Letisiya Nasareno və oğluyla - bu stolun arxasında oturmağa ixtiyarları çatan yeganə adamlarla təzəcə nahar elədiyi yeri göstərdi; əfsanəvi seybanı – prezidentin, siestanın ən bürkülü saatlarını, ikirəngli parçadan tikilmiş milli bayrağın kölgəsində keçirdiyi yelləncəyi, süd fermasını, pendir düzəldilən dəzgahları göstərdi; biz, prezidentin, hər səhər süd sağımına nəzarət etmək üçün gəldiyi yolla geriyə qayıdanda isə cavan zabit ayaq saxlayaraq, palçığın içində qalan uzunboğaz çəkmənin izini göstərib: «Baxın, bu, onun izidir!» - dedi. Və biz, nəhəng çəkmənin izinə baxa-baxa, yerimizdəcə donub qaldıq. Bu izdən möhtəşəmlik və əzəmət duyulurdu; bu, tənhalığa öyrəşən bəbirin, hökümranlığı izi idi; bu izə baxdıqca, bizim hər birimiz özümüzü, prezidentin özündən çox, ecazkar hakimiyyət havasının bizə məlum olmayan gizli sirlərinin yaxınlığında hiss etdik və hər şey onunla bitdi ki, yüksək rütbəli hərbçilər, ali komandanlığın, dövlətin, nəhayət, prezidentin özünün hüquqlarından daha böyük imtiyazlara malik olan özündənrazı, yekəxana qadına qarşı üsyana qalxdı. Şöhrətdən başı gicəllənən, özündən süni surətdə kraliça düzəldən Letisiya Nasareno həddini o qədər aşdı ki, axırda baş qərargah daha dözə bilməyib, bizlərdən birini əla həzrətlərin yaxınlığına buraxmağa məcbur oldu: «Yalnız bir adam, - bizə dedilər, - qoy, o, generalın kürəyi arxasında baş verənlər barədə, heç olmasa, ucundan-qulağından da olsa, bir arayış versin.»
- «Məsələ də bax, belə alındı ki, mən onu gördüm. O, öz qar kimi ağappaq otağında tək idi. Divarlardan cins ingilis atlarının qravürləri asılmışdı. O, yumşaq kresloda söykənəcəyə ehmalca söykənmiş vəziyyətdə oturmuşdu, başının üstə ventilyator pərləri hərlənirdi. O, orden-medalsız, bürünc düyməli, ağ, əzik, kətan formadaydı, ipək əlcəkli əli, üstündə üç cüt eyni qızılı çərçivəli eynəkdən savayı heç nə olmayan yazı stolunun üzərində idi. Kürəyinin arxasında, içi insan dərisinə bənzər cilidli, tozlu mühasibat kitablarıyla dolu rəflər vardı; sağ tərəfində, dəmir tor vurulmuş açıq pəncərədən bütün şəhər, dənizə qədər bircə quş görünməyən buludsuz, açıq səma görünürdü. Mən özümü çox yüngül hiss edirdim, çünki onun, əshabələrinə nisbətdə, çox sadə görkəmi vardı; portretlərindəkindən fərqli olaraq, ev görkəmində idi, bəlkə də buna görə ona ürəyim ağrıdı; ona aid olan hər bir şey nimdaş və qoca idi; o özü isə çarəsiz xəstəlikdən üzülmüş xəstələr kimi o qədər zəif idi ki, «əyləşin» deməyə belə, gücü çatmadı və o, ipək əlcəkli əlinin hərəkəti ilə mənə oturmağı təklif etdi və harasa kənara baxa-baxa, nəfəsindən gələn amonyak iyi kabinetin içini doldura-doldura, ağır xışıltı ilə nəfəs ala-ala, məni dinləməyə başladı; sonra uzun müddət pul sənədlərini gözdən keçirdi. Abstrakt təfəkkür ona yad olduğu üçün mən, məktəb dərsliklərində keçdiklərimdən istifadə edərək, bu kağızlarda nədən yazıldığını sadə sözlərlə ona izah etdim. Mən ondan başladım ki, Letisiya Nasarenonun borca götürdüyü taftanın uzunluğu, burdan Santa Mariya-del-Altaracan gedib-qayıtmaq qədərdir, yəni yüz doxsan dəniz milindən çox; onda o: «Aha» - dedi; edə dedi, elə bil bu sözü özü-özünə dedi. Sözümü onunla bitirdim ki, Letisiyanın borcları, sizin, əla həzrətlərinin güzəştini nəzərə alsaq, son on ildə lotereya oyununun altı ən böyük uduşuna bərabərdir. Onda o, yenə: «Aha» - dedi və ancaq onda gözü gözümə sataşdı. Onun gözündə eynək yox idi və mən gördüm ki, onun gözləri ürkək və qəmlidi, danışanda isə səsi elə qəribə çıxırdı, elə bil sinəsində fisqarmon çalınırdı. «Sizin gətirdiyiniz dəlillər inandırıcı və ədalətlidir!» - o dedi.
Bəli, o dövrlər o, məhz belə idi; Letisiya Nasareno onu istədiyi kimi dəyişib, Daş dövründən qalan vəhşi Bendisyon Alvaradonun mağara tərbiyəsini canından çıxartdığı dövrlər, onu yalnız bu səviyyədə görmək olardı. Letisiya ona, süfrə arxasında yox, ayaq üstə yeriyə-yeriyə, bir əlində kasa, o biri əlində qaşıq, dala-qabağa var-gəl eləyə-eləyə, nahar etmək adətini tərgitmişdi, indi onlar üçlükdə, çiçəkli sarmaşıqlardan hörülmüş talvarın altındakı bağ stolunun arxasında nahar edirdilər; nahar vaxtı o, uşaqla üzbəüz otururdu, Letisiya özü isə böyürdə oturub hər ikisinə seçmə ədalar, yeməyin bədənə daha çox fayda verməsi üçün xüsusi qəbul qaydalarını öyrədirdi; Letisiya onlara, stol arxasında düzgün vəziyyətdə - kürəyi stulun söykənəcəyinə söykəyib oturmağı, çəngəli sol, bıçağı sağ əldə tutmağı, tikəni düzgün çeynəmək qaydasını – başını dik tutaraq, ağzını açmadan on beş dəfə bir ovurdunda, on beş dəfə o biri ovurdunda çeynəməyəi öyrədirdi və ərinin, arada bir bütün bunların kazarma intizamına oxşadığını deməsinə qətiyyən məhəl qoymurdu. Nahardan sonra Letisiya onu, rəsmi dövlət xəbərlərini – xüsusi təsisçisi və fəxri redaktoru şəxsən özü olduğu qəzeti oxumağa məcbur edirdi. Letisiya bu qəzeti ona nahardan sonra, pationun nəhəng artırmasında, kölgədəki yelləncəkdə uzanıb mürgüləmək istəyən vaxt oxutdururdu. - «Dövlət başçısı, dünyada baş verən bütün hadisələrdən xəbərdar olmalıdı.» Letisiya qızıl çərçivəli eynəyini onun burnuna taxır və o, öz xəbərələr müjdəçisinin, şişirdilmiş sulu cümlələrlə dolu səhifələrinə yola düzəlirdi; Letisiya, oğlunun idman məşğələləri ilə məşğul olur, monastrda öyrəndiyi top-top oyununu uşağa öyrədir, əla həzrətləri isə belə məqamlar qəzetlərdə nəşr olunmuş qədim foto-şəkillərini nəzərdən keçirirdi; bu şəkillər o qədər qədim idi ki, çoxunda o, özü-özünə oxşamırdı, elə bil nə vaxtsa, lap çoxdannan onun əvəzinə ölmüş əkiz tayı idi; kometanın gəlişindən bu yana, bircə iclasın keçirilmədiyi, keçən çərşənbə isə nazirlər şurasının iclasında sədrlik etdiyi zaman çəkilən şəklinə baxır, burnunu az qala, sətirlərə dirəyə-dirəyə, yüksək rütbəli nazirlərin, onun adından yazdıqları aforizmlərlə, tarixi fikirləriylə tanış olur, sonra tutqun avqust gününün istisindən üzülə-üzülə: «Bu nə zay qəzetdi, lənət şeytana! Bu yazıq camaat bunu necə oxuyur?!» - deyə-deyə, siestanın boğanaq havasında yuxuya gedir, hər belə duzsuz qiraətdən beynində azca da olsa, nə isə qalırdı və həmin o cüzi olan nə isə, onun beynində yeni ideyaların yaranmasına təkan verirdi, onda o, qısa, dayaz yuxusundan ayılıb Letisiya Nasareno vasitəsi ilə öz nazirlərinə müxtəlif tapşırıqlar göndərirdi; nazirlər də öz növbələrində, onun fikirlərini, bu xanımın dedikləri əsasında müəyyənləşdirməyə cəhd edərək, cavablarını elə Letisiya vasitəsi ilə verirdilər. «Çünki mənim rəmmalım sən idin, bircə sən mənim fikirlərimi oxuya bilirdin, demək istədiyimi deyə bilirdin, mənim ən qəliz fikirlərimi yalnız sən nizamlaya bilirdin, sən, mənim səsim idin, mənim şüurum və qüvvəm idin, sən - mənim, dünyanın dörd bir yandan daim üstümə odlu axınla yeriyən sonsuz uğultu içində lazım olanları eşidən ən iti qulağım idin.» O, belə deyirdi, əslinə qalanda isə, bəhrələnib istiqamətləndiyi ən etibarlı xəbərlər mənbəyi ümumi saray tualetlərinin divarlarında yazılan anonim xəbərlər idi; bu informasiyalardan o, heç kimin, «Hətta Letisiya, sənin özünün belə», deməyə cürət eləmədiyi həqiqətləri öyrənirdi; o bu informasiyaları sübh tezdən, inəklərin səhər sağımından sonra, gündüz növbətçiləri onları divarlardan yuyanacan oxuyur və tualetlərin divarlarını hər gün ağartdırmağı əmr edirdi ki, heç kim öz qəlbinin çirkabını, içinin acığını bəyaz divarlara tökməyə heyfslənməsin; həmin bu imzasız məktublardan o, öz zabitlərinin dərdlərini öyrənir, onun köməyi ilə yüksək rütbəyə çatıb üzü dönənləri, ürəyində ona nifrət edənləri bircə-bircə tanımağa başlayır və məhz beləcə, insan qəlblərinin gizli guşələrinə baş vurduqca, özünü tam qüvvətli hiss edirdi; bu qəlblərə o, çox asanca, ifşa güzgülərinə – tualetlərin divarına – boylandıqca, baş vururdu.
O dövrlər o, uzun-uzadı illər bundan əvvəl tərgitdiyi mahnılarını yenidən oxumağa başladı; yenə miçətkənin dumanı içində Letisiya Nasarenonun, ləpənin vurub dayaza atdığı balina cəmdəyinə bənzər bədənini nəzərdən keçirə-keçmrə: «Di oyan, Letisiya, mənim qəlbimdə artıq səhərdir! Həyat davam edir! Dəniz sahilini sığallayır!» - oxuyurdu. Həyat beləcə davam edir, Letisiya Nasarenonun – bircə boş bir şeydən savayı – səhərlər onunla bir yataqda oyanmaqdan savayı, istədiyi hər bir şeyi ondan ala bilən yeganə qadının qəribə əhvalatları davam edirdi. Hər axşam o, sevgi nəşələrindən doyandan sonra öz otağına gedir, öz subay yataq otağının qapısından, işdi, birdən qovhaqov düşərsə, ona mütləq lazım olacaq yanar lampasını asır, kilidi üç dəfə açarlayıb, üç zənciri, üç cəftəni bağlayır, Letisiya Nasarenoya qədər olduğu kimi və Letisiyadan sonra, ömrünün son gecəsinədək olacağı kimi, geyimli-keçimli, üzü üstə döşəməyə düşüb, suda boğulan tənha adamın yuxusunu görürdü. Lakin hər səhər o, inəklərin sağılmasına nəzarət eləyəndən sonra Letisiyanın digər, yeni arzularını həyata keçirməkdən ötrü - onun tamahkar gözünü, rəhmətlik anası Bendisyon Alvaradonun hüdudsuz vərəsəliyi müqayisəyə belə gəlməyən bahalı hədiyyələrlə doldurmaqdan ötrü yenidən Letisiyanın yataq otağına – hələ də vəhşi heyvan iyi qoxuyan otağa qayıdırdı. Lakin məsələ, tək Letisiya ilə qurtarmırdı, Letisiyanın hansısa antil adalarından tökülüşüb gələn qohumlarının da tamahkar gözünü doyurmaq lazım gəlirdi; bu, bir sürü, heç nəyi olmayan, bircə Nasareno nəslinə aidiyyatı olan yoğun səsli, ac-yalavac şogöz dəstəsi idi. Letisiyanın qohum-əqrabası, bütün duz, tütün, içməli su satışını ələ keçirdilər, ordu rəhbərlərinin arasında bölüşdürülmüş ticarət sahələrinə də soxuldular. Demək, məsələ beləydi ki, ac-yalavac Nasareno sülaləsi onun-bunun tikəsini əlindən qamarlaya-qamarlaya camaatın hesabına dövlətlənməyə başladılar və guya bütün bunlar prezidentin razılığıyla həyata keçirilirdi; əslində isə qərarı Letisiya verir, prezident də bu qərarla razılaşmalı olurdu. Həmin o dövr o, Letisiyanın təkidiylə, vəhşi edamları – adamları dörd atın arasında şaqqalamaq cəzasını ləğv etdi və bu dəhşətli cəza növünü, yadelli desantın ölkədə olduğu illər, desantın komandanının şəxsən ona bağışladığı elektrik stulu ilə əvəz etməyə cəhd etdi; yəni ki, bizdə də ölüm cəzasının ən müasir növündən istifadə edirlər.
Bu məqsədlə o, liman qalasının dustaqxanalarına – ən cansız siyasi dustaqların təcrübə dovşanı kimi saxlanıldığı dəhşətli laboratoriyalara baş çəkdi: işə salınanda bütün şəhərin elektrik enerjisini udan ölüm taxtının idarə sistemi bu adamların bədənində sınaqdan keçirilməliydi; biz bu eksperimentlərin vaxtını dəqiq bilirdik; bunu təyin eləmək bir o qədər də çətin deyildi, işıqlar qəfil sönürdü və biz, dəhşətdən itən nəfəsimizlə qaranlıqda donub qala-qala, liman qəlyanaltıxanalarında ölənlərin ruhunu, badə qaldıraraq, bir dəqiqəlik sükutla yad edirdik və bilirdik ki, bu adamlar, bir dəfə yox, bir neçə dəfə ölürlər; biz bilirdik ki, dustaqların çoxu birinci dəfədən ölmürdü, yarımcan vəziyyətdə kabab kimi tüstülənə-tüstülənə qayışdan asılıb qalır, cəlladlardan hansısa əməliyyatı iki-üç dəfə təkrar edəndən sonra, bu yazıqları gülləylə vurub öldürməyincə, dəhşətli ağrılardan xır-xır xırıldayırdılar. - «Hər şey sənin istəyin naminə idi, Letisiya! Türmə kameraları sənin istəyin naminə boşaldılmışdı, sənin naminə mən düşmənlərimi əfv edib vətənə qayıtmalarına icazə verdim!»
Pasxa qabağı o, vicdan azadlığını bərqərar edən, zidd fikirliliyə görə cəzaları qadağan edən qərarı rəsmiləşdirdi, çünki ömrünün payızının yetkin çağı o, səmimi qəlbdən anladı ki, ən qatı düşmənlərinin belə, əfsanəvi yanvar gecələri Letisiya Nasareno ilə onu göyərtədə, bircə alt tumanında oturan vəziyyətdə, ayın işıldatdığı nəhəng qarnını görmək şərəfinə nail olan yeganə qadınla keçirdiyi xoşbəxtliyin ən xırdaca payına da olsa hüquqları çatır; onda o, Letisiya ilə birlikdə Vavilon hökmdarlarının göndərdiyi, Yağışlar Bağında əkilən gümüşü söyüdləri, leysan yağışın, günəşin büllur şüalarıyla kəsilməsini, yaşıl cəngəlliklər içində itib-batan Qütb ulduzunu seyr edir, radioların, dünyanın bütün pataxtylarının adı və meqagerts rəqəmləriylə dolu olan şkalasını gözdən keçirir, Letisiya ilə birlikdə dünyanın qarmaqarışıq səsləri və öz orbitləri ətrafında ətürpədən uğultu yaradan planetlərin səsi içində hər axşam Santyaqo de Kubadan verilən, hər fəsli ürək kövrəldən – «Təki sabaha sağ çıxaydıq» sözləri ilə bitən radioromanın növbəti fəslinə qulaq asırdı. Gecələr, yatmamışdan əvvəl isə o, uşaqla məşğul olur, ona silahlar barədə, hansı silahın harda işlədilməsi barədə danışırdı; axı bu, onun xırdalıqlarına qədər bələd olduğu yeganə sahə idi?!.. Siyasi müdriklik dərslərinə gəldikdə isə o, hər dəfə uşağa eyni şeyi təkrar deyirdi: «Əgər sözünün yerə düşəcəyindən şübhələnirsənsə, heç vaxt əmr vermə!» hər dəfə də uşağı, bu kəlamı onunla birlikdə təkrar eləməyə məcbur edirdi ki, o birdəfəlik başa düşsün ki, yüksək vəzifəyə malik olan şəxsin yeganə səhvi – yerinə yetiriləcəyinə dəqiq əmin olmadığı vəziyyətdə əmr verməyidi; məlum məsələydi ki, bu, yetkin dövlət xadimindən, həyat təcrübəsi görmüş müdrik atadan çox, nəfəsindən artıq süd iyi gələn heysiz qocanın məsləhətiydi və işdi, əgər Allah-tala uşağa da bu qədər ömür bəxş etməli olsaydı, o, bu məsləhəti qəbir evinəcən yadından çıxarmayacaqdı, çünki bu düsturu ilk dəfə altı yaşında - atasının rəhbərliyi altında ağır qurğudan atəş açdığı gün eşitmişdi, odu ki, yaddaşına, həmin bu dəhşətli gurultuyla bir həkk olunmuşdu; biz isə o dəqiqə başa düşdük ki, həmin bu ağır qurğudan açılan atəş, yaxın tezlikdə baş verəcək təhlükəli təbii fəlakətin xəbərdarlıq əlamətidi, çünki atəşdən sonra dəhşətli bir qasırğa – yağışsız, lakin şimşəkli, gurultulu bir qasırğa başladı; bir gurultu qopdu, elə bil yeraltı vulkanların hamısı birdən oyandı, Komodoro Rivadavia tərəfindən isə vahiməli qütb küləyi əsməyə başladı; külək dənizi alt-üst edib, bütün sularını çalxaladı, köhnə ticarət limanı meydanında məskən salan köçəri sirki, saman çöpü kimi hərləyib özüylə apardı və biz, bir qədər sonra su boyu trapessiyalarda üzən filləri, suda boğulmuş klounları və zürafələri torla tutmağa başladıq; onlar buralara, qasırğanın ilk həmləsindən düşmüşdülər, külək onları ordan, trapessiyaqarışıq, dənizə salmışdı; həmin bu dəlisov qasırğa az qala, lövbərində, sonradan Ruben Dario adı ilə məşhurlaşan gənc şair Feliks Ruben Qarsia Sarmento gələn banandaşıyan gəmini də batıracaqdı; gəmi yalnız qasırğa qutarandan, düz bir saat sonra bizim limana daxil ola bildi.
Günorta saat dörd olardı, qasırğanın təzələdiyi hava, cücülərin şən vızıltısıyla dolmuşdu, dəniz sakitləşmişdi; əla həzrətləri, öz yataq otağının pəncərəsindən boylanaraq, qasırğanın çalxalayıb sağ böyrü üstə yıxdığı və indi heysiz-heysiz limanın, qızılı, hamar sularıyla üzən ağ gəmiciyi gördü; sükanın arxasında kapitan dayanmışdı və gəminin geriyə yan almasına, şəxsən özü rəhbərlik edirdi, kapitanın yanında isə, əynində tünd mahud gödəkcə və ikibortlu jilet olan sərnişin dayanmışdı; general bu adam haqqında, növbəti bazar gününədək heç nə eşitməmişdi, bazar günü isə Letisiya Nasareno, ərindən ağlasığmaz bir şey xahiş elədi: «İstəyirəm, biz bu axşam Milli teatra, poeziya gecəsinə gedək!» O, Letisiya ilə bu poeziya gecəsinə getməyə razılıq verdi. Həmin axşam biz prezidenti, düz üç saat ayaqüstə dayana-dayana, havasız zalın istisindən tər tökə-tökə, gecədən bir neçə dəqiqə əvvəl məcburən əynimizə geydirilən parad kostyumlarında boğula-boğula gözlədik. Və nəhayət, budur, milli himn səsləndi və biz əl çala-çala, tafta paltarın üstündən boynuna qara tülkü dərisi taxmış, buruq lələkli şlyapalı, dolubədənli rahibənin göründüyü dövlət lojasına sarı çöndük; qadın, alqışlara məhəl qoymadan, general mundiri geymiş oğlan uşağını yanında oturtdu, oğlan isə, zanbaq rənginə çalan əlcəyini çıxarıb camaata əl elədi; anasına görə, qədim vaxtların şahzadələri camaatı bu cür salamlayırmış; hökumət lojasında daha heç kim gözə dəymirdi, lakin, o, ordadı, biz onun gözəgörünməz iştirakını – dinc qəlbimizin sakitliyini poeziyanın üsyankar havasından qoruyan insanın iştirakını hiss edirdik… axı bizim sevgi hissimizin ölçüsünü, ümumiyyətlə, hisslərimizin ölçüsünü, az qala ölüm vaxtımızı belə o müəyyənləşdirirdi. Bəli, o, ordaydı, lojanın, bizlərə görünməyən, qaranlıq küncündə, şairin görə bilmədiyi yerdə oturmuşdu, şair, əzəmətli səsiylə onun gözünə möhtəşəm minotavr kimi görünürdü; bu səsin ahəngi, sanki darısqal zaldan yox, açıq dənizdən gəlirdi; bu səs, qeyri-ixtiyari əla həzrətlərini, oturduğu lojadan da, bu zaldan da bütün bu yer ölçülərindən yuxarıya – qızıl şeypurların çalındığı yerlərə qaldırdı, şeypurların bu gümüşü sədaları altında Marsın və Minervanın triumfal girişləri – şöhrət səltənətinin triumfal girişi göründü. - «Sizin şöhrətinizin yox, mənim generalım!» O, pəhləvan-cəngavərləri, adamı ölümcül qapan qara itləri, dəmir nallı döyüş altarını, kobud lələkli şlyapalı, əlinizəli, cüssəli bayraqdarları, bu cəngavərlərin qəribə, yad bayrağı zəbt etdiyini gördü. - «Sizin silahınızın hesabına zəbt etmədilər, mənim generalım!» O, vətəndaş müharibəsində ayaqyalın əsgər kimi döyüşdüyü vaxtlar, qızdırmalı sayıqlamalarda duyub hiss etdiklərinə - vətənin şərəfi və əbədiliyi naminə qızmar yay günəşinə, soyuq qışın qarına və küləyinə, gecəyə, şaxtaya, ölümə meydan oxuyan bütöv bir qəzəbli gənclər ordusunu gördü, gurultulu alqış partlayışı içində özünü xırda və miskin hiss etdisə də, öz qaranlıq küncündən camaata qoşulub əl çala-çala, öz - özünə: «Anam mənim, Bendisyon Alvarado, zəfər, buna deyərlər! Buna baxanda, camaatın mənim üçün elədikləri heç nədi!»
O, özünü tənha və atılmış, bürkünün və uzunayaqlı ağcaqanadların dumanı altında əzilmiş hiss edir, fəxri lojasının qızıl naxışlı sütunlarına, rəngi itmiş məxmərinə görə xəcalət çəkirdi. - «Lənət şeytana, axı bu, necə ola bilər ki, bu hindu dalını yuyan əl belə bir gözəl əsər yazsın?» Qoca, ona tam aydın olmayan bu poetik dildən, qəlbinin dərinliklərinəcən riqqətə gələrək, özünə yer tapa bilmir, yekə ayaqlarını möhtəşəm sətirlərin təntənəli ritminə uyğunlaşdırmağa çalışaraq, qəzəbli fil kimi o baş-bu başa var-gəl edir, arada bir Letisiya Nesarenonun, pationun nəhəng ağaclarının budaqlarından yığılmış triumfal girişində təşkil etdiyi ehtiraslı, zil səsli xorun ritmi altında yuxuya gedirdi; o, qəlbini riqqətə gətirən bu şeirləri tualetlərin divarlarında yazır, poemanın yadında qalan parçalarını süd fermasında, isti təzək dağının üstünə çıxıb birnəfəsə əzbərdən oxumağa hazırlaşırdı ki, bu məqam, karet sarayında dayanan prezident limuzininin arxasında qoyulmuş dinamit, nəzərdə tutulan vaxtdan əvvəl partladı… - «Bu, dəhşət idi, mənim generalım, elə möhkəm partlayış olmuşdu ki, biz maşının dəmir-dümürünü hələ bir neçə aydan sonra şəhərin müxtəlif kvartallarından tapırdıq. Məhz bu maşında, Letisiya Nasareno hər çərşənbə elədiyi kimi, bazarı çapıb-talamağa yollanacaqdı. «Odu ki, sui-qəsd onun üçün hazırlanmışdı, mənim generalım, ayrı bir kəs üçün yox!» Burda o, alnına vurub: «Lənət şeytana, necə olub ki, mən bunu hiss eləməmişəm?» Həqiqətən də, onun əfsanəvi duyumu hara yoxa çıxmışdı?! Axı, son bir neçə ayı tualet divarlarındakı yazılar da, həmişə olduğu kimi ona qarşı, yaxud nazirlərdən hansınasa qarşı yox, məhz, dişlərini, generalitetin mənafeyinə, kilsə knyazlarına qıcıyan həyasızlaşmış Nasarenolara qarşı yönəlmişdi. Düzdü, o, belə hesab eləyirdi ki, bir vaxtlar bu divarlarda anasının müqəddəsliyi əleyhinə yazılan təhqiramiz yazılar kimi, bu yazıların da elə bir təhlükəsi yoxdu, bütün bunlar, tədricən adi söyüşə çevrilən tutuquşu kəkələməsindən savayı, bir şey deyil, tualetin isti havasından yaranan acığın nəticəsidir; o, bu acığın böyüyüb şişərək, bir gün belə bir hay-küyə səbəb olmasına əslində o özü şərait yaradırdı ki, camaat, içindəki acığı beləcə çıxarıb soyusun, amma daha belə yox ki. bir dinamitin əvəzinə ikisini bir qoysun?!.. İşə bir bax ki, dinamit gör bir gəlib hara çıxmışdı?!.. Hakimiyyətin göbəyinə! Bu, necə ola bilərdi axı, necə ola bilərdi?!.. Poeziyanın qanadlı sətirlərinə bu dərəcədə uyaraq, öz incə pələng duyumunu necə itirə bilərdi? Necə olmuşdu ki, o, bu köhnə tanış qoxunu – təhlükə hissinin qoxusunu vaxtında duymamışdı? Bu nə biabırçılıq idi?.. O, təcili surətdə bütün generaliteti – təşviş içində ağaran on dörd zabiti yanına çağırdı; uzun illərin məcburi xidmətindən sonra onlar yenidən iki addım yaxınlıqlarında, adi insan bədəninə malik olması daim heyrət doğuran qocanı gördülər. - «O, bizi iclas zalında sıravi əsgər formasında öz taxtında, prezident kreslosunda oturduğu yerdə qəbul elədi; ondan skunsdan gələn sidik iyi gəlirdi; gözündə nazik, qızıl çərçivəli eynək vardı; son günələrin portretlərində onün üzündə bu eynək təsvir edilməmişdi; o hədsiz dərəcədə qoca və bizdən ağlasığmaz dərəcədə uzaqdaydı; ipək əlcəklərini soyunanda, biz gördük ki, onun əlləri heç də qoca hərbçi əllərinə oxşamır, bu əllər qadın əlləri kimi incə idi və bu adamdan qat-qat cavan, incəqəlbli adamın əllərinə oxşayırdı; qalan hər bir şey isə perqament kağızı kimi süni və bədheybət idi; biz diqqətlə baxdıqca gördük ki, həyatının son nəfəsi onun etibarsız müvəqqəti bədənində dolaşmaqdadır, bu nəfəs – inadkar hakimiyyətpərəstlik, bölünməz, mütləq hökmranlıq həvəsi idi; içində qara tüstü kimi dolaşan bu xəbis iblisi saxlamaq, vəhşi atın cilovunu çəkib saxlamaq qədər çətin idi; bizim hər birimiz onunla, baş komandanla rəsmi görüş qaydasıyla görüşürdük; o isə bircə kəlmə belə olsun, danışmır, başını belə tərpətmirdi; sonra hamılıqla onun əhatəsinə yarımdairəvi şəkildə düzülən kresloda əyləşdikdə isə o, eynəyini çıxarıb sınayıcı nəzərlərlə bir-bir bizim hər birimizi gözdən keçirməyə başladı; o, bizim gizli fikirlərimizin xəlvət döngələrini, bu gizli fikirlərin aramla öz xəlvət yuvalarına sürünmələrini görür, onları dinməz-söyləməz, bir-birinin ardınca qəddarcasına ifşa edirdi; bu prosesə onun, bir dumanlı axşam barmağının işarəsiylə bizlərə hərbi rütbələr təyin etdiyi gündən bu yana, kimin nə qədər dəyişildiyini müəyyənləşdirməsinə sərf etdiyi vaxt qədər vaxt lazım oldu.
O öz baxışlarıyla nə qədər bu zabitlərin beyinlərini oyurdusa, sui-qəsdin məhz bu on dörd gizli düşmənin arasında təşkil olunduğuna bir o qədər əmin olurdu; sonra nə oldusa o, birdən-birə özünü bu adamların arasında o qədər tənha və köməksiz hiss elədi ki, kirpiklərini iquana kimi qırpıb başını qaldırdı və onları birliyə səslədi. - «Bu gün birlik qədər bizə lazım olan ayrı bir şey yoxdu, çünki söhbət, vətənin taleyindən və hərbi qüvvələrin qeyrətindən gedir!» O, onlara təmkinli olmağı, üzərlərinə düşən fəxri vəzifələri layiqincə yerinə yetirməyi tövsiyyə etdi; sui-qəsdin təşkilatçıları təcili surətdə tapılıb, hərbi ədliyyəyə təhvil verilməliydi. «Bu qədər, cənablar.» - deyə o, sui-qəsdin təşkilatçılarının bu adamlardan biri, yaxud hamısının birlikdə olduğuna qəti əmin olaraq, sözünü yekunlaşdırdı.
Letisiya Nasarenonun həyatının, Allahın yox, məhz onun əlində olduğunu, onu, əvvəl-axır, lənət şeytana, mütləq baş verəcək təhlükədən yalnız müdrikliyi qoruya biləcəyini anladıqca, qəlbinin qanla dolub tikə-tikə söküldyünü hiss edirdi. O, Letisiyanı, ictimai tədbirlərdə iştirak etməkdən imtina etməyə, ən tamahkar qohumlarını, hərbi generallığın mənafe dairəsindən rədd olmağa məcbur edirdi; az-çox qananları konsul təyin edir, ən lütləri isə, bazarın yabanı kolları arasından axıb gedən çirkab suların içində görünürdülər; bir gün o, uzun illər iştirak etmədiyi nazirlər kabinetinin iclasında yenidən peyda oldu, öz kreslosuna əyləşərək, ruhani idarələrin dövlət işlərinə qarışmasını qəti qadağan etdi. - «Səni düşmənlərdən qorumaq üçün, Letisiya!» Sonra öz generalitetini bir daha dişinə vurub bu qənaətə gəldi ki, o görüşdən sonra yeddi hərbi rəis ona ortabab münasibətdədi; o ki, qaldı müdafiə nazirinə, o, onun köhnə tanışı idi; beləliklə, onun bel bağlamadığı altı nəfər hərbi rəis qalırdı, onun gecələrini uzun-uzadı uzadan, Letisiya Nasarenonun ölüm məhkumluğuna möhür vuraraq, yuxularına zəhər qatan altı tapmaca qalırdı; bəzən ona elə gəlirdi ki, onun tələb etdiyi bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, ələlxüsus çörəyin içindən balıq tıxı çıxandan sonra bütün yeməklərin dadına baxdırmağı məcbur etməsinə baxmayaraq, Letisiya Nasarenonu onun gözləri qarşısında öldürürlər; Letisiyanın yaşadığı otaqların havası hər gün yoxlanırdı, çünki o qorxurdu ki, zəhər, cücüləri qırmaq üçün işlədilən aerozol şüşəsinə də doldurula bilər; nahar vaxtı Letisiyanın rənginin saralmasından diksinirdi, yataqda sevişdiyikləri yerdə səsinin xırıldamasından titrəyib əsirdi, ona elə gəlirdi ki, Letisiyanın içdiyi suya, sarı titrəmə mikrobları, gözünə tökdüyü damcılara isə kuporos qata bilərlər; müxtəlif növ qəsd üsulları barədə qəramətli fikirləri, o günlər onun həyatının hər dəqiqəsinə zəhər qatır, gecənin bir aləmi, ona həqiqət kimi görünən vahiməli yuxularından – Letisiyanın, hindu cadugərlərinin cadusundan qan-qəltan içində üzdüyünü gördüyü yuxularından dik atılırdı. O, Letisiyanın başına gələ biləcək yüzlərlə təsadüfi, real təhlükələrdən az qala havalanırdı, odu ki, Letisiyaya, hər şübhəli şəxsə güllə açmağa hüququ olan ən amansız qvardiyaçıların müşayiəti olmadan, küçəyə çıxmağı qəti qadağan etdi.
Bütün bunlara baxmayaraq, Letisiya yenə hər çərşənbə saraydan çıxır, o, pəncərənin qarşısında dayanaraq, Letisiyanın, balaca oğluyla, yenicə zirehlənmiş avtomobilə minməyinə tamaşa edir, təhlükələrdən qorunma duasını əliylə havada cızaraq, ürəyində: «Anam mənim, Bendisyon Alvarado, onları qoru! Ona tuşlanan güllələri geri qaytar, zəhərlə dolu piyaləni kənar elə, gizlini aşkar elə!» - deyirdi.
O, Letisiya Nasarenonu müşayiət edən qvardiyaçıların, de Armas meydanından verdiyi siqnalını eşidinəcən, Letisiya oğluyla, mayakın sübh işığından qızaran pationun yolu üstə görünənəcən, bircə dəqiqə belə olsun, rahat olmurdu. Letisiya isə səfərdən, həyəcanlı və xoşbəxt əhval-ruhiyyədə qayıdır, rahat səsiylə, maşından diri hinduşkaları, Enviqado orxideyasını, yeni il axşamı yandırılacaq rəngli işıqları və sairəni düşürən mühafizə dəstəsinin əsgərlərinə müxtəlif əmrlər verirdi; belə günlər küçələr, adətən, generalın sərəncamıyla, cürbəcür işıqlar və transparantlarla qəsdən bəzədilirdi ki, onun narahatçılığı bütün bu al-əlvanlığın içində əriyib itsin; o, Letisiyanı piləkənin başında, boynundakı tülkü dərisinin naftalin iyini, turşumuş tər qoxusunu, yağlı saçlarının iyini ciyərlərinə çəkə-çəkə, qarşılayır, həyat yoldaşının sağ-salamat olmasına sevinirdi; o, Letsiyaya, talayıb gətirdiyi növbəti şikarını yataq otağına ötürməkdə kömək edir, özünü son dərəcə xoşbəxt hiss edir və belə hesab edirdi ki, bu cür xoşbəxtliyin dadını, ümumiyyətlə, bilməsən yaxşıdı! Bu bədbəxtliyin qarşısını almaq tədbirləri bir-bir tapıldıqca, onu bir az da dərin kədər hissi bürüyürdü, bütün qoruyucu duaları elə bil bu fəlakəti bir az da yaxınlaşdırırdı; hər gün həmin o dəhşətli çərşənbəni – Letisiya Nasarenonun həyatı üçün əbədi qorxu və təşvişlərdən yoğrulan o günü yaxınlaşdırırdı, odu ki, o, hövsələsi darala-darala: «Axır olacağa çarə yoxdu, nə olur-olsun, lənət şeytana! Qoy lap bir az da tez olsun!» - deyə fikirləşdi. O, beynindən keçən bu ani fikrin fərqinə varmamış, fikri, əmr almış kimi ildırım surətiylə yerinə yetirildi – kabinetə iki adyutan daxil olub Letsiyanın və uşağın, indicə bazarda quduzlaşmış itlər tərəfindən parçalanıb yeyilməsi barədə hesabat verdilər.
«İtlər onları diri-diri yedilər, mənim generalım! Amma bu, bizim adi küçə itləri deyildi, dəriləri köpək balığının dərisi kimi hamar, sarı gözlü, vəhşi qoyun itləri idi! Kimsə onları Letisiyanın boynundakı tülkü dərisinə qısqırtmışdı! Altmış it, mənim generalım, altmış eyni sifətli, eyni biçimli it! Heç kim gözünü belə açmağa macal tapmamış, onlar tərəvəz piştaxtalarının arxasından atılıb Letisiyayla uşağın üstünə cumdular. Bizsə güllə açmağa ürək eləmədik ki, güllələr itlərin əvəzinə, onlara dəyə bilərdi, mənim generalım!»
Bu, iblisin qanlı qiyaməti idi, dəhşətli ölüm burulğanı idi, içindən, gah Letisiyanın, gah da uşağın əlləri yalvarışla göyə uzanan vahiməli it yumağı idi; hər iki qurban göz qırpımında, itlərin acgözlüklə təpişdirdiyi ət parçalarına çevrildilər və bütün bunlar bazar camaatının gözü qarşısında - yüzlərlə adamın qarşısında baş verdi; bəzilərinin üzü dəhşətdən əyilmişdi, o birilər intiqam hissiylə alışıb-yanan gözlərinin sevincini gizlədə bilmir, bəziləri isə ürək ağrısıyla ağlayırdılar; çox keçmədi ki, bu qanlı tamaşa sona yetdi və hamı, yerdə, Letisiyadan qalan fetr bənövşələrlə bəzədilmiş şlyapanı gördü… üst-başlarına qan sıçramış, dəhşətdən yerlərində donub qalan göyərtisatan arvadlar səssizcə: «İlahi, generalın razılığı olmasaydı, bu, heç vaxt baş verə bilməzdi!» - deyib içlərini çəkdilər. Bütün bu mənzərə, qanlı tərəvəzlərin arasından yalnız ətsiz sümükləri yığıb-yığışdırmağa macal tapan prezident qvardiyasının biabırçı gücsüzlüyünü nümayiş etdirdi. «Tək bir ağappaq sümüklər, mənim generalım!» Düzdü, sümüklərdən savayı uşağın medalları, oyuncaq padşahın balaca qılıncı, Letisiya Nasarenonun nəyə görəsə, bazardan bir mil aralıda, liman sularının qoynunda üzən tumac ayaqqabıları, rəngbərəng şüşələrdən yığılmış muncuq və zireh parçasından düzəldilmiş pul kisəsi də tapıldı - «Bu əşyaları biz sizə təqdim edirik, mənim generalım, həm də bax, bu üç açarı, qaralmış qızıl nişan üzüyünü və bu əlli sentavonu – beş onluq sentavonu. Buyurun, sayın, xahiş edirik! Bundan savayı orda heç nə tapılmadı!»
Əgər o bilsəydi ki, cəmi bir neçə ildən sonra həmin bu taleyüklü çərşənbə günü baş verənləri unudacaq, bütün bu faciənin onun üçün bir qara qəpik əhəmiyyəti olmazdı, amma o gecə o, qəzəbdən hönkür-hönkür ağlaya-ağlaya, səhəri, adamyeyən itlərin ulaşması altında açdı, uzun müddət heç cür bu itlərə hansı növ cəza verəcəyini təyin edə bilmədi, çünki belə hesab edirdi ki, itlərin öldürülməsi, Letisiya ilə uşağın təkrar ölümüdü, çünki onlar hələ ki, bu heyvanların qarnındadılar; o, tərəvəz bazarının dəmir pavilyonunu sökdürüb yerində, səhləb çiçəkləri əkilmiş bağ saldırmağı, bağın ortasında, mərmər xaç ucaldılmasını əmr etdi, xaç, mayakdan uca və parlaq olmalıydı ki, gələcək nəsillər, generalın özünün, abidə sökülməmişdən çox-çox əvvəl unutduğu bu tarixi qadın barədə unutmasınlar; bu abidəni isə adi gecələrin birində partlatdılar və bu partlayış heç kimi təəccübləndirmədi; səhləb çiçəklərini isə donuzlar yedilər; bağ, durğun və üfunətli gölə çevrildi; lakin general bu mənzərəni heç vaxt görmədi, təkcə ona görə gömədi ki, öz sürücüsünə əmr vermişdi ki, maşını, lap dünyanın başına hərlənməli olsa da, bir vaxt tərəvəz bazarının yerləşdiyi o ərazidən sürməsin, həm də ona görə ki, nazirlikləri şüşəli binaya köçürəndən və sarayda bir ovuc xidmətçisiylə təmtək qalandan bəri o, ümumiyyətlə, şəhərə çıxmırdı; sarayda saraylıq əlaməti qalmamışdı, o, Letisiya Nasarenonun sarayda şahlıq iddiasıyla qurub düzəltdiyi nə vardısa, hamısını məhv eləməyi əmr etmişdi; bu hadisədən sonra o, generalitet üzrə ara-sıra xırda-xuruş göstərişlər verməklə, nazirlər kabinetinin, arada bir, qəliz məsələlər həll olunan və prezidentin rəyi tələb olunan iclaslarında iştirak etməklə vaxtını keçirir, qalan vaxtları, tək-tənha, kimsəsiz dəhlizlərdə, boş otaqlarda məqsədsiz-mənasız gəzib-dolaşırdı; bundan savayı, o, gecədən keçənədək, seybanın kölgəsində oturub, Baltimordan gətirdiyi konfetlərə qonaq eləyə-eləyə, çılpaq qadın şəkilləriylə dolu jurnallardan dürtüşdürə-dürtüşdürə, onu, xarici borclarını, ölkənin ərazi sularının hesabına ödəməyə razı salmağa çalışan səfir Uilsonun xəbis təşriflərinə də dözməli olurdu; o, səfirə doyunca danışmağa şərait yaradır, özü isə lazım olanlara qulaq asır, lazım olmayanları isə sadəcə, eşitmirdi; səfirin çərənləməsi həddindən artıq darıxdırıcı olanda isə o, bu mənasız söz axınını qulaqardına vurur, bunun əvəzinə, ara-sıra, yaxınlıqda yerləşən qızlar məktəbindən axıb gələn qızlar xorunun, yaşıl ağacda oturan qırmızı quş haqqında oxuduğu mahnılarna qulaq asırdı; hava qaralanda isə o, səfiri patiodan yola sala-sala, qonağı başa salmağa cəhd edirdi ki, o ondan, bir dənizdən savayı, ürəyi nə istəyir, tələb eləyə bilər. – «Dənizsiz pəncərələr mənim nəyimə gərəkdi? Bu boyda tənha evdə dənizsiz mən nə edərəm? Sübh, yaxud, qürüb çağı dənizin, yanar bataqlığa oxşadığı mənzərəni görməsəm, necə yaşayaram? Dekabr gecələri mayakın yaşıl işığına məhəl qoymadan, sınıq şüşələrdən uğultuyla içəri dolan küləklərsiz necə yaşaya bilərəm? Mən – o adam ki, öz dumanlı səhralığını ataraq, qızdırmalı titrəmətdən üzülə-üzülə, özümü vətəndaş müharibəsinin alovuna, tərcümeyi-halımda yazıldığı kimi, dərin vətənpərvərlik hissindən, yaxud, bəzilərinin hesab elədiyi kimi, fırıldaq məqsədi ilə, yaxud federalizm ideyaları uğrunda da yox, təkcə bu dənizi görmək üçün saldım! Qalan hər şey boş məsələdi, mənim əzizim, Uilson, odu ki, siz ayrı bir şey fikirləşin.» - deyə o, əlini yüngülcə səfirin çiyninə toxunduraraq, onunla xudahafizləşirdi. Səfiri yola salandan sonra isə geri – öz iqamətgahına qayıdır, bir vaxt rəsmi idarələrə mənsub olan boş kabinetlərin işıqlarını yandırırdı; günlərin bir günü isə axşamçağı o, sarayın dəhlizlərində, hansı təsadüf üzündənsə buralarda azıb qalan inəyə rast gəldi, onu pilləkənlərə sarı qovdu, heyvan, ayağı xalçanın dəlmə-deşiyinə ilişdiyindən kəllə-mayallaq aşıb, baş gözünü partlatdı və bununla da acından üzülən cüzamlı xəstələri ağlasığmaz dərəcədə sevindirdi; xəstələr cumub cəmdəyi bölüşdürdülər; Letisiya Nasarenonun ölümündən sonra bütün cüzamlılar və ifliclər, korlar geri qayıdaraq, əvvəlki kimi, bağda, qızılgül kollarının altında yaşayırdılar, yenə əvvəlki kimi, ondan bir çimdik şəfqət duzu dilənir, ulduzlu gecələrdə mahnılar oxuyurdular; o da onlara qoşulub: «Susanna, yanıma gəl, Susanna!» -nı oxuyurdu; axşamüstü saat beşdə isə tövlənin pəncərəsindən yola boylanıb mavi döşlükdə, qısa corablarda məktəbdən qayıdan hörüklü qızlara baxır, tamahdan nəfəsi darala-darala, əlcəkli barmaqlarını pəncərənin dəmir qəfəsində oynada-oynada onları yanına çağırırdı: «Ay qız - ay qız, bir bura gəl, gəl, səni əlləyim!» - deyirdi. «Vay dədə, vay! Biz ondan ilan gözlü iblisdən qaçan kimi qaçırdıq! O isə qızların qaçdığını görüb: «Anam mənim Bendisyon Alvarado, indiki qızlar necə də cavandı?!» - deyə fikirləşirdi; ona, özünə gülməkdən savayı, heç nəyə yaramadığını boynuna almaqdan savayı heç nə qalmırdı; daim nahara dəvət elədiyi səhiyyə naziri gözünün içinə baxıb nəbzini yoxlamaqla qane olmayıb, qocalıq sklerozunun qarşısını almaq, yaddaşının durğun kanallarını bağlamaq üçün ona sulu dərman yazanda isə o, onun ağzından vurub: «İşim-gücüm yoxdu, dərman içəcəyəm! – deyirdi. – Mən, bircə müharibə illəri tutulduğum titrətmə xəstəliyindən savayı heç bir xəstəliyə tutula bilmərəm!»
Axır vaxtlar isə o, bütün dünyaya arxa çevirib, dünydan küsmüş adamlar kimi, təm-təkcə nahar eləməyə başlamışdı; böyük zəka sahibi, səfir Meyrilendin dediyinə görə, qədim Mərakeş kralları məhz bu cür nahar edirdilər; o, nahar vaxtı, dümdüz, başı dik oturmağa çalışır, çəngəli sol, bıçağı sağ əlində tutaraq keçmiş müəlliminin qoyduğu qayda-qanunla, tikəni yaxşı-yaxşı çeynəyə-çeynəyə yeyirdi; sonra bütün sarayı başdan-başa gəzib dolaşaraq, bal gizlətdiyi gizli divar hücrələrini axtarır, tapdığı yeri ikicə saatdan sonra yenidən itirir və axtarışa təzədən başlayırdı; ordan bal əvəzinə, bir vaxt siqaret kimi büküb dəlmə-deşiyə soxduğu kağız bükmələrini tapırdı… çox-çox qədimlərdə, keçmiş dövrlərdə o, bu kağız zolaqlarını, artıq çox illər keçdiyindən və nə yazdığını unutduğu cümlələri yenidən yazmaq üçün kağızların haşiyələrindən qoparırdı: «Sabah çərşənbə axşamıdı…» - zolağın birində yazılmışdı, o birində isə: «Sənin ağ yaylığında qırmızı saplarla kiminsə adının baş hərfləri yazılıb, amma bu, sənin adın deyil, mənim hökmdarım…» - yazılmışdı; o, bundan heç nə anlamadı və o biri zolağı açıb oxudu: «Canım Letisiya Nasareno, gör bir sənsiz nə günlərə qalmışam…» - «Letisiya Nasareno» - bu ada o, demək olar, hər kağız zolağında təsadüf edirdi və heç cür başa düşə bilmirdi ki, özündən sonra bu qədər yazılı ah-uf, bu qədər dərd-qəm qoyub getmiş bu bədbəxt kimdi. - «Özü də mənim xəttimin bura nə dəxli var, lənət şeytana?» Bu onun xətti idi, özünü sakitləşdirmək üçün tualetlərin divarlarını: «Yaşasın general!» - yaza-yaza bəzəyən solaxayın təkrarolunmaz kalliqrafiyası idi. O, artıq öz zıqqılığına görə, səviyyəsinin, quru qoşun qüvvələrinin, yaxud dəniz donanmasının sıravi əsgərdən də aşağı düşməsinə görə, kağız zolaqlarında karandaşla yazılmış adından savayı heç nəyi qalmayan adi monastr rahibəsindən ötrü üzülməyinə görə əsəbiləşmirdi; sadəcə, bütün bunların, həmin o taleyüklü çərşənbə günündən sonra, adyutantların onun yazı stolunun üstünə qoyduğu əşyaları – Letisiyanın və uşağın şeylərinə əl vurmaqdan imtina etdiyindən sonra nə olduğunu xatırlamırdı; onda o, üzünü yana çevirib: «Bu çəkmələri aparın burdan, bu medalları da, ölənləri yadıma sala bilən nə varsa, yığışdırın burdan.» - demişdi. Odu ki, onlara aid bütün əşyaları Letisiyanın yataq otağına – onun bir vaxtlar ehtiraslı siesta saatlarını keçirdiyi otağa yığmışdılar. - «O otaqların bütün qapı-pəncərələrini mıxlayın ki, lənət şeytana, mən əmr eləsəm belə, heç kim ora girə bilməsin. Bu əmri verdikdən sonra o, uzun illər dəhşətli qıcolmalar içində qovrula-qovrula, Letisiyanı uşağıyla bir gəmirən itlərin ulaşmasına qulaq asır, hər hansı itlərin, dəri soyulan məntəqələrə göndərilməsinə ürək eləmir və yenə fikirləşirdi ki, onlara əzab vermək – əziz mərhumlarına əzab vermək deməkdi; günlərlə tor yelləncəyinə pərçim olub, doğmalarının qatillərini unutmağa çalışaraq, qəzəbini içində boğur, qatilləri evinin içində gördükcə, alçalıb təhqir olunurdusa da, bu miskin vəziyyətə o səbəbdən dözməyə məcbur olurdu ki, o günlər, hələ qatillərin boynunu sındırmaq gücü yox idi; o, əzizləri üçün təntənəli dəfn mərasimi təşkil etmədi, yanına başsağlığı verməyə gəlməyi də qadağan etmişdi; matəm elan etməmişdi – nəhəng seybanın kölgəsində, öz yelləncəyində, acığından dil-dodağını gəmirə-gəmirə, öz saatını – öz vaxt - vədəsini gözləmişdi; bir dəfə isə yaxın tanışlardan biri həmin seybanın altında, generalitetin rəyini ifadə edərək, ona, guya generalitetin, xalqın, bu dəhşətli faciəni sakit dözümlə keçirdiyinə görə fəxr etdiyini demişdi. «Hər yerdə sakitlik və səliqə-sahman hökm sürür. Onda o, azca seziləcək tərzdə gülümsünüb: «Axmaq-axmaq danışmayın, dostum! – dedi. – Elə ən pisi də odu ki, sakitlik və əminamanlıqdı! Demək, bu bədbəxt faciənin adamlara zərrə qədər də təsiri olmayıb!» O günlər o, bütün qəzetləri sətirbəsətir, soldan-sağa, sağdan-sola oxuyur, orda rəsmi xəbərlərdən savayı daha nə isə tapmağa çalışır, rədioqəbuledicini yanına qoydururdu ki, bircə vacib xəbəri belə ötürməsin və nəhayət, günlərin bir günü arzusuna çatdı – Verakurs radiostansiyasından Riobambaya qədər bütün radiostansiyalar xəbər verdi ki, milli təhlükəsizlik xidməti sui-qəsd təşkilatçılarının izinə düşüb. «Bəs necə, kərtənkələ uşağı!» - o öz-özünə, dodaqaltı dedi, radio isə ardını xəbər verirdi ki, sui-qəsdin təşkilatçıları, şəhərkənarı fahişəxanaların birində, minomyotdan atəş açılan binada aşkar edilib. «Bax belə, - deyə o dərindən nəfəsini dərdi - yazıq insanlar!» Lakin bütün bunlardan sonra, o yenə donuq üzüylə, fikrindən keçənləri, azacıq da olsa, üzünə buraxmadan, öz tor yelləncəyində uzanıb qaldı və öz-özünə: «Anam mənim, Bendisyon Alvarado, sən məni intiqam üçün qoru, əlimdən tut, mənə ilham ver!» - deyə-deyə yalvardı.
O, anasının, onun yalvarışlarını eşidib xahişini yerinə yetirəcəyinə o qədər arxayın idi ki, tez bir zamanda özünü ələ alıb, dərd-qəm yükünü axır ki, bir kənara ata bildi. Bunu, baş qərargahdan onun yanına hesabata gələn ictimai asayişə məsul milli təhlükəsizlik zabitləri o dəqiqə hiss etdilər. «Mənim generalım, sui-qəsdin üç təşkilatçısının üçü də, ictimai asayişin mühafizə dəstələri ilə atışmada öldürüldülər, ikisi həbs edilib San-Xeronimo kameralarında yerləşdirilib!» O isə əlində meyvə şirəsi, öz tor yelləncəyində otura-otura: «Aha.» - dedi və sərrast atıcı əli ilə hamıya meyvə şirəsi süzdü. - «…O, həmişəkindən bir az da müdrik və həssas idi, o qədər həssas və diqqətcil idi ki, bizim ürəyimizdən keçənləri o dəqiqə hiss elədi və bizə siqaret çəkməyə icazə verdi. Bu, nə isə, ağlasığmaz bir şey idi… vəzifə başında siqaret çəkməyə icazə vermək!» «Bu ağacın altında biz hamımız bərabərik.» - o dedi və bazarda baş verən cinayətin necə qurulması və həyata keçirilməsi barədə, Şotlandiyadan, ayrı-ayrı partiyalarla səksən iki ov itinin gətirilməsi barədə, bu səksən iki itin iyirmi ikisinin müxtəlif səbəbdən ölməsi barədə, qalan altmışının cinayət məqsədi ilə təkcə Letisiya Nasarenonun boynundakı tülkü dərisinə yox, Letisiyanın özünə və uşağına qısqırdılması üçün xüsusi təlim keçməsi barədə ətraflı məruzəni sakitcə dinlədi. – «İtlərə bax, bu əşyaları iylədiblər, mənim generalım! Onlara saray çamaşırxanalarından oğurlanmış bax, bunları – Letisiya Nasarenonun korsajını, bax, bu yaylığı, bu corabları, uşağın bu mündirini iylədiblər, mənim generalım! Siz bu əşyaları tanıyırsız?» O, ona təqdim edilən əşyalara baxmadan, sakitcə: «Aha!» - dedi və diqqətlə izahatın ardına qulaq asdı: «Həmin bu altmış itə, hürmək lazım gəlməyəndə, susmağı öyrədibmişlər, onları insan ətinə dadandırıbmışlar, mənim generalım, Allahın işığına həsrət qoyub bağlı saxlayıbmışlar; onlarla bir neçə il, paytaxtdan yeddi mil aralıdakı baxımsız cin formasında təlim keçiribmişlər; bu fermada Letisiya Nasarenonun və uşağın boyu ölçüdə, onların geyimi geydirilmiş müqəvvaları tapılıb, bundan savayı itlərə, bu portretləri və qəzet foto-şəkillərini göstərərək, uşağı və Letisiyanı üzdən tanımağı öyrədibmişlər.» - deyə hərbçilər ona, səhifələrinə həmin şəkillər yapışdırılmış albomu göstərdilər ki, o, görülən işin dəyərini başa düşsün. - «Hərə öz xidməti borcunu yerinə yetirir, mənim generalım!» O isə, yenə onlara baxmadan bircə öz «Aha» - sını dedi və onda onlar ona, söhbətin ən vacib yerini açdılar; guman var ki, təşkilatçılar özbaşlarına hərəkət etmirdilər, onlar, mərkəzi xaricdə yerləşən hansısa gizli təşkilatın agentləri olublar. - «Bu, onların emblemidi, əla həzrətləri!» Və onlar ona, gizli təşkilatçıların emblemini – qaz lələyi ilə çarpazlanmış xəncər emblemini göstərdilər, o da: «Aha!» - dedi. Daha sonra onlar öz məruzələrinə davam edərək, bildirdilər ki, bütün təşkilatçılar, əvvəlki cinayətlərinə görə ədalət mühakiməsi orqanlarından gizlənən adamlardı. Sonra hərbçilər ona, bu adamların, polis məntəqələrindən yığılan cürbəcür foto-şəkilləri yapışdırılmış albomu göstərdilər: «Bax, bu üçü öldürülüb, bu ikisi isə həbs edilərək, San-Xeronimonun zirzəmilərində saxlanılır, mənim generalım! Onların taleyini necə həll etmək barədə qərarı siz verməlisiz! Bu, iyirmi səkkiz və iyirmi üç yaşlı Maurisio və Qumaro Ponse de Leon qardaşlarıdır. Onlardan biri, silahlı qüvvələr sıralarından qaçıb, daimi yaşayış yeri yoxdur, heç yerdə işləmir; o biri, kənd məktəbində dulusçuluqdan dərs deyir; bu adamı görəndə, həmin itlər sevincdən quyruqlarını hərləyir, bütün davranışlarıyla ona öz sədaqətlərini göstərirlər və bizcə bu, həmin o şəxsin günahkar olmasına şəksiz sübutdur, mənim generalım!» O, bu sözdən sonra da öz «aha»sını dedi, üstəlik günün nəticələri barədə rəsmi göstərişlərində, istintaqı aparan bu üç zabitin şərəfinə tərifli sözlər də qeyd etməyi unutmadı və onları: «Vətənə sədaqətli hərbi əsgər xidməti» medalı ilə təltif etdi; o, bu medalı zabitlərə şəxsən özü təqdim etdi və elə həmin təqdimat mərasimində də, Maurisio və Qumaro Ponse de Leon qardaşlarına güllələnmə hökmü kəsən hərbi məhkəməni yaratdı: «Əmr, əla həzrətləri fikrini dəyişməzsə, oxunduğu dəqiqədən qırx səkkiz saat ərzində yerinə yetirilməlidir!»
Bütün bu qırx səkkiz saatı o dərin fikirlər içində, öz tor yelləncəyində tək-tənha uzana-uzana, əfv barədə dünyanın dörd bir səmtinindən axıb gələn yalvarışlara kar vəziyyətdə qaldı; radioyla Millətlər İcmasında gedən mənasız çərənləmələrə, bir qisim ölkələrdə unvanına yağdırılan söyüşlərə, digər ölkələrdə təriflənib müdafiə edilməsinə qulaq asdı; sonra öz nazirlərini qəbul edib, rəhmdillik barədə danışanlara da, qəti qərar qəbul edilməsini tələb edənlərə də eyni diqqətlə qulaq asdı; yolunu azmış iki qoyunun taleyindən narahat olan Roma Papasının şəxsi göstərişiylə qəbuluna can atan nunsini qəbul etməkdən imtina etdi; bütün ölkənin, onun susmasından narahat olub təlaşa düşməsi barədə xəbərlərə, uzaqdan eşidilən güllə-baranın səsinə qulaq asan tək, dinməz-söyləməz qulaq asdı. - «On bir ölən, səksən iki yaralanan var, mənim generalım, gəmi tam yararsız vəziyyətdədi!» - «Yaxşı.» - deyə o, yataq otağının pəncərəsindən, limanın girəcəyində alovlanan tonqala baxa-baxa dedi. Bu, San-Xeronimo hərbi bazasında ölüm cəzası kəsilmiş qardaşlar üçün hökmün yerinə yetirilməsini gözlədikləri son gecənin başlanğıcı idi. Həmin o dəqiqələr ərzində o, onların foto-şəkildə gördüyü üzlərini – eyni qaşları, bir cüt su damlası tək, bir-birinə bənzəyən üzləri təsəvvürünə gətirdi; onları, qorxudan əsim-əsim titrəyən bədənləriylə, tənha, köməksiz üzlərlə, boğazlarında nömrə yazılmış lövhəciklərlə, ölümə məhkumlar kamerasının fasiləsiz, gur işığı altında təsəvvürünə gətirdi və hiss elədi ki, onların da fikri bu dəqiqə ona yönəlib, hiss elədi ki, onlar, əfv ediləcəklərinə ümid bəsləyir və Allaha yalvarırlar; onun bircə hərəkətindən belə nə edəcəyini müəyyən eləmək mümkün olmurdu; o, öz adi iş gününü həmişəki qaydada başa vurdu, yataq otağının qapısı ağzında, onun hər dəqiqə qəbul edə biləcəyi yeni qərarını ictimaiyyətə çatdırmaq üçün növbə çəkən növbətçi zabitlə görüşərkən, zabitə baxmadan, etinasızcız halda: «Gecəniz xeyrə qalsın, kapitan.» - dedi, lampasını qırmağa keçirib üç qıfılı, üç kilidi bağladı, üç zənciri çəkib üzü üstə döşəməyə uzandı və hökmün qəddarlığından nəfəsini içinə çəkib qaralan şəhərin küçələrində, ara-sıra həyətlərdə hürüşən itlərin səsini, sanitar maşınlarının sirenasını, hansısa şübhəli bayram şənliyində atılan fişənglərin və musiqinin səsini dinləyə-dinləyə, həssas bir yuxuya getdi; gecənin bir aləmi kilsə zənglərinin səsinə yuxudan ayıldı… sonra bu səsə ikinci dəfə ayıldı, üçüncü dəfə, pəncərələrin şüşələrini və dəmir çərçivələrini cırmaqlayan yağışın səsinə ayıldı, yerindən, qaban tərpənişinə bənzər dolama-dolaşıq, ağır bir hərəkətlə – əvvəl dalını qaldırıb qabaq ayaqlarına dirənərək, sonra başını qaldıraraq, ayağa qalxdı; beləcə, ağır qaban hərəkəti ilə ayağa qalxandan sonra zabitə əmr verdi ki, əvvəla itləri onun pəncərələri altından yığışdırıb hara istəyirlər aparsınlar ki, onların səsini bir daha eşitməsin, amma öldürməsinlər, heyvanlar qocalıb əldən düşənəcən, dövlətin hesabına saxlanılsın; ikinci əmr bu idi ki, Letisiya Nasarenonu və uşağı həmin o taleyüklü çərşənbə günü müşayət edən günahkar əsgərlər azad edilsin; üçüncü əmr – Maurisio və Qumaro de Leon qardaşlarının təcili surətdə edam edilməsi barədə idi; özü də hərbi-səhra məhkəməsinin qərarındakı kimi, güllələnmə yoluyla yox, dörd ata bağlanıb şaqqalanmaqla; Ponse de Leon qardaşları, əmrdə yazıldığı kimi, atlarla şaqqalandı, bədənlərinin ayrı-ayrı hissələri nəhəng matəm səltənətimizin ayrı-ayrı məhəllələrində gözəgörünən yerlərdən asıldı ki, camaatın canına vəlvələ salsın.
«Yazıq uşaqlar…» - o, nəhəng fil ayaqlarını sürütləyə-sürütləyə öz-özünə deyirdi, sonra qəfildən ehtiraslı bir səslə özü-özünə: «Anam mənim, Bendisyon Alvarado, mənə kömək elə, əlimdən tut, apar! Mənə, bu günahsız qana görə qisas ala biləcək bir adam bəxş et.» - deyə yalvarırdı. Özü də gecə-gündüz belə bir adamı arzulayırdı; elə bir adamı ki, fitri güdmək qabiliyyətinə malik olsun. O, bu adamı öz sayıqlama xəyallarında təsəvvürünə də gətirmişdi; gizli bir həyəcanla onu, rastına çıxdığı adamların arasında - onların gözlərinin dərinliklərinə baş vura-vura tapmağa çalışır, ətrafındakıların səsinə diqqət kəsilib onu, səsinin hansısa bənzərsiz ahəngindən tanımaq istəyirdi; arada bir, öz içinə – qəlbinin səsinə də diqqət kəsilirdi, yaddaşının künc-bucağını eşələyə-eşələyə, onu orda da tapmaq ümidini üzmək üzrəydi ki, həmin bu adam onun gözləri qarşısında qəfil bir gözlənilməzliklə, öz ecazkar gözəlliyi ilə özü peyda oldu. - «Bu, mənim gözlərimin bu vaxta qədər görüb seçdiyi adamların ən bənzərsizi idi, anacan!» O, keçmiş zadəganlar sayağı geyimdəydi; əynində, ilgəklərinə qardeniyalar taxılmış Henri Poul frakı, Pekover şalvarı və parıldayan gümüşü parçadan jilet vardı; bu, buzov böyüklüyündə, adamgözlü, qaraqabaq dobermanıyla Avropanın ən kübar salonlarında parlamağa alışmış bir adam idi - «Xose İqnasio Saens de la Barra. - deyə o, özünü təqdim etdi – Qulluğunuzda olum, əla həzrətləri!» Bu, kübar cəmiyyətinin azad fikirli nümayəndələrindən sonuncusu, bizim vətəndaş müharibəsinin qasırğasında əriyib itən, federalist kaudilyosu ordusu tərəfindən darmadağın edilən vətən torpaqlarından, böyüklük iddiası, nəhəng, melonxolik torpaqları və fransız ləhcəsiylə bir silinmiş otuz yeddi yaşlı, yeddi xarici dil bilməsindən, Dovil müsabiqəsində qazandığı dörd ov prizindən savayı heç nəyi olmayan, əsil-nəcabətli, gözəl kapral idi; orta boylu, qədd-qamətli, dərisi dəmir rənginə çalan, saçları, bir kəkilini çıxmaqla, qara rənglə rənglənmiş bu iradəli adam, möhkəm dodaqlarıyla, son dərəcə iti, qətiyyətli baxışlarıyla salon salon qobelenlərində təsvir olunan idillik bahar peyzajlarının fonunda rəngli foto-şəkillər üçün poza qurmağı xoşlayırdı; kapralı görcək, əla həzrətləri sinəsi dolu rahat nəfəs dərdi: «Bu, odur! Mənə lazım olan adam - budu!» Və Xose İqnasio Saens de la Barra, bircə şərtini kəsdikdən sonra bizim generalın yanında xidmətə düzəldi: «Əla həzrətləri mənə səksən beş milyon peso həcmində pul vəsaiti ayırır ki, həmin bu məbləğ barədə mən, sizdən savayı, heç kimə tabe olmadığım kimi, sizdən savayı heç kəsə də hesabat vermirəm. Öz tərəfimdən də söz verirəm ki, iki il müddətinə sizə, Letisiya Nasarenonun və oğlunuzun əsil qatillərinin başlarını təqdim eləyəcəm!» Şərt qəbul olundu. – «Razıyam!» General, Xose İqnasio Saens de la Barranı qısa müddət ərzində bir çox sınaqlardan keçirərək, qəlbinin gizli labirintlərinə baş vurub, iradəsinin nə dərəcədə qüvvətli olmağına, sədaqətinə əmin oldu, onun, heç nəyi şişrtmədən iş gördüyünün şahidi oldu, xarakterinin ən zəif cəhətinin şahidi oldu və bu ən zəif cəhəti dəqiqləşdirdi; ən sonuncu sınaq - Xose İqnasio Saens de la Barranın, düşünəlməmiş bir cəsarətlə generalı udduğu amansız domino oyunları idi. «Bu, mənim görüb tanıdığım cəsur adamların ən cəsarətlisi idi, anam mənim!» O, son dərəcə səbrli idi, qəhvənin yetmiş iki dəmləmə üsulunu bilirdi, malyuskaların cinsini ayırd edirdi, not qrammatikasından, korların əlifbasından başı çıxırdı, o, uzun-uzadı, dinməz-söyləməz mənim gözlərimin içinə baxa bilirdi və mən, bu sakit baxışların altında bilmirdim, başımı hara soxub gizlədim; çeçələ barmağındakı saf sulu almazını işıldadan incə əl hərəkətlərinin qarşısında çaşıb özümü itirirdim; bilmirdim, onun qəddar və sayıq bir ədayla, ayağının altında mürgü vuran, arada bir dərisini – diri məxmər örtüyünü tərpədən nəhəng itinin əlindən canımı hara qoyum, losyon ətri qoxuyan bu adamın əlindən hara qaçım, bədən əzizləməkdən və ölümdən qorxmayan bu heyrətamiz gözəllik sahibinin əlindən hara qaçım və bir gün mənə, qətiyyən hərbçiyə oxşamadığımı, yalnız hansısa ali məqsədlərə görə hərbçi olduğumu deməyə bu adamın cürəti çatdı. - «Siz bu hərbçilərin tayı deyilsiz, general! Bu adamlar, xırda ambissiyalı, sıravi, primitiv adamlrdı. Onlar üçün rütbə hakimiyyətdən irəlidi, onlar idarə etməkdən çox, əmr verməyi xoşlayırlar, nəyə yox, kiməsə xidmət edirlər, odu ki, onları idarə eləmək o qədər asandı ki, xüsusən birinin arasını o biriylə vuranda.» - o dedi və mən, bircə əziz dostum, Allah ona rəhmət eləsin, Rodriqo de Aqiları çıxmaq şərtiylə, bütün idarəçilik dövrümdə heç kimə vermədiyim hüquqları verdiyim bu parlaq adamdan öz fikirlərimi heç cür gizlədə bilməyəcəyimi fikirləşib gülümsündüm. «Və beləcə, general öz-özlüyündə Xose İqnasio Saens de la Barranı öz daxili, gizli imperiyasının sahibi elan etdi. Bu, gizli repressiyalar və qətllər xidməti idi, bu xidmətin dəqiq yeri də məlum deyildi; bu proses bütün ölkə boyu gedirdi və eyni zamanda heç yerdə heç nə baş vermirdi, həm də hər şey elə bil irreal idi, çünki bu işlərə görə məsuliyyət daşıyan yox idi, lakin, həm də bütün olanlar mövcud həqiqət, bu dəhşətli fantastika həm də acı reallıq idi; o öz görünməz qüvvəsiylə, hələ ali hərbçilər onun yüksək səviyyəli sirayətedici qüvvəsini hiss edəndən çox-çox əvvəl, dövlətin digər reqressiv orqanlarını özünə tabe eləmişdi» - general özü də bu qorxulu proesesin nə ilə nəticələnəcəyini əvvəlcədən bilmirdi. - «Mən, şahzadə geyimli iblisin fitvasına uyub, bu acgöz adamyeyənin caynağına nə vaxt keçdiyimi hiss eləmədim.» Günlərin bir günü isə o, prezident sarayına, içi kokos qozuyla dolu qalın çuval gətirib gəldi və onu, əl-ayağa dolaşmasın deyə, bir kənara qoydurmağı əmr elədi. - «Bunu, lazımsız arxiv materilları yığılan şkafa soxun!» Çuvalı şkafa soxdular və bu barədə unutdular, üç gündən sonra isə, sarayın divarlarına hopub, buxar kimi güzgülərin üzünə çökən meyid iyindən nəfəs almaq olmurdu; biz, bu eybəcər üfunətin kökünü mətbəxdə axtardıq, tövlələri yoxladıq, bu iyi kabinetlərdən siqaret tüstüsüylə qovmağa çalışdıq, o isə müşavirə zalına doldu. Çürümüş qızılgül iyini xatırladan bu üfunəti, ən gizli dəlmə-deşiklərə – heç vaxt heç bir iyin gedib çatmadığı, hətta vəba illəri xəstəliklə yoluxmuş küləyin havası belə dəymədiyi yerlərə dolurdu; iy bizim ağlımıza gəlməyən yerdən – arxiv materiallarıyla dolu şkafın içindən - Xose İqnasio Saens de la Barranın göstərişiylə qoyulmuş, guya kokos qozuyla dolu, kobud çuvaldan gəlirdi; məlum oldu ki, bu çuval, onun generalla razılaşdığı kimi, ilk ödənişinə görə doldurulmuşdu; hər bir yiyəsinin ölüm səbəbi göstərilən şəhadətnaməsi olan altı ədəd kəsik baş.
Burda, ürək damarlarının qocalıq sklerozundan on dörd may tarixində vəfat etmiş, radikallar partiyasının bünövrəsini qoymuş sonuncu böyük müharibə əlili, daş dövrünün nümayəndəsi, patrissiyalar nəslindən olan doxsan dörd yaşlı Nepomuseno Estralın, onun oğlu, atasıyla eyni gündə, həmin ürək xəstəliyindən əlli yeddi yaşında vəfat edən qomeopat - həkim Nepomuseno Estrad de la Fuentenin, şəhadətnaməsində göstərildiyi kimi, sərxoşluq əlbəyaxasında itiuclu alətlə ağır bədən xəsarəti almış iyirmi bir yaşlı Eliser Kastorun, gizli abort nəticəsində otuz iki yaşında həlak olmuş Lidise Santyaqonun, o birilərin öldüyü gün alkoqol zəhərlənməsindən ölən otuz səkkiz yaşlı, rəngli şar istehsalçısı Roke Pinsonun – yəni gözəgörünməz Xasintanın, «On yeddi oktyabr» gizli hərəkatının lideri, ölüm şəhadətnaməsində göstərildiyi kimi, nakam məhəbbəti uğrunda özünü, ağzına dirədiyi tapançadan atıb öldürən otuz iki yaşlı Natalisio Ruisin başları vardı. – Beləlikl, altı baş, əla həzrətləri! Bu qəbzi qəbul etməniz barədə imza atın!» O, ciyəri dəhşətdən və üfunətdən az qala ağzına gələ-gələ qəbzi imzalamışdı: «Anam mənim, Bendisyon Alvarado, bu adam vəhşiymiş! Onun, o seçmə incə ədaları hara, ilgəyindəki gül hara, bu qaniçənlik hara?» ona isə ucadan: «Mənə bir də tasaxo* göndərməyin, naço**; şifahi izahlarınız kifayətdi.» - demişdi. Lakin Xose İqnasio Saens de la Barra bu sözə etiraz edərək: «Bizim sizinlə bağladığımız müqavilə kişi sözüdü, əla həzrətləri! Yox, əgər əsl həqiqətin gözünün içinə dik baxmağa sizin bir yeriniz çatmırsa, onda götürün, bu da sizin qızılınız, gəlin xudahafizləşək! Bu nə hərəkətdi?!.. Şəxsən mən özüm, işdi, əgər tələb olunarsa, doğma anamı belə güllələyərəm!» - demişdi. «Di yaxşı, Naço, - deyə general sülhpərvər səslə demişdi - bu qədər dərinə getmək lazım deyil, öz vəzifə borcunuzu yerinə yetirin!» Odu ki, yenə bir ucdan saraya, içinə guya kokos doldurulmuş, içi başla dolu həmin bu kobud parçalı çuvallar daxil olmağa başladı. Generalın da içalatı az qala ağzına gəlirdi və o: «Bunları burdan rədd edin!» - deyə əmr edirdisə də, başlara əlavə olunan şəhadətnamələrdə yazılanlara qulaq asıb növbəti qəbzi imzalayırdı; bu minvalla o, ümumi sayı doqquz yüz on səkkiz ədəd ən barışmaz siyasi düşmənlərinin başının alınması barədə qəbzlərə imza atdı və həmin gecə, başların sayı bu rəqəmə çatanda, yuxuda özünü, səhralıqda yeridikcə, arxasınca baş barmağının uzun-uzadı uzanan izini qoyub gedən hansısa eybəcər bir heyvanın simasında gördü və yuxudan, ağzı öd dada-dada ayılıb, sübh çağı fermada baş verə biləcək hansısa təlatümdən xoflanaraq, sönük xatirələr dəryasına qərq olaraq, kəsik başları hesablayır, hesabladıqca da elə bil qocalır, qulağının dibində cırıldayan zəhlətökən cırcıramanın səsini, çürük otların arasından eşidilən cücülərin cızıltıslarıyla qarışıq salırdı; - «Anam mənim, Bendisiyon Alvarado, - o fikirləşirdi – axı, nəyə görə mənim bu qədər düşmənim olmalıdı? Əsl günahkarlarsa bir yanda qalıb!»
Düşmənlərin sayına gəldikdə, Xose İqnasio Saens de la Barra ona izah etmişdi ki: «Altmışına görə altı yüzünü, altı yüzünə görə altı minini, altı mininə görə altmış milyonunu qazanacağıq!» «Bu ki, bütün ölkədi, lənət şeytana, - deyə o, çığırmışdı – belə getsə, biz bu işi heç vaxt başa çatdıra bilməyəcəyik!» - Lakin Xose İqnasio Saens de la Barra sakitcə: «Rahat yatın, general! Bizim işimiz, onlar bitib tükənəndə sona bitəcək!!!» - dedi. «Vəhşinin dediyi sözə bir bax!»
Bu adamın heç nəyə, zərrə qədər olsun, şübhəsi yox idi, öz niyyətlərindən bircə addım belə geri çəkilmək, beyninə girmiş fikirlərini ayrıları ilə əvəz eləməyə, işıq ucu boyda belə yeri yox idi; o, iti doberman kimi, daimi iştirakıyla sahibində özünəinam və arxayınlıq yaradırdı; Xose İqnasio ilk dəfə onun kabinetinə, dünyada yeganə qorxmaz və ən qəddar adama – tək bir sahibinə tabe olan, civə kimi parlaq əzələli, sürüşkən dərili nəhəng iti ilə, həmin bu yekəpər dobermanla daxil olanda general: «İti qapının o üzündə qoyun.» - demişdi. Lakin Xose İqnasio Saens de la Barranın generalın sözünə əməl eləmək fikri yox idi: «Bu mümkün deyil, general! Dünyada hələ elə bir yer yoxdur ki, ora mən Lord Köxelsiz ayaq basım!» Odu ki, it daim öz yiyəsi ilə bir kabinetə daxil olur, sahibi generalla kəsilmiş başların gündəlik hesabatını çürüdənəcən, sakitcə onun ayaqları altında mürgüləyir, general səsini ucaldanda, dikəlib bütün vücuduyla amansız sıçrayışa hazır vəziyyət alırdı; - «Onun, dəhşətli dərəcədə qadın gözünə bənzər, insan gözləri mənə fikirləşməyə mane olurdu, mən onun insan nəfəsindən diksinirdim; növbəti çuvalda öz köhnə adyutantlarımdan birinin başını taparkən, qəzəb içində yumruğumu stola çırpanda, onun üzü göz qırpımında buğlandı, bədəni, qaynar qazan kimi pıqqıldadı, dişlərini qıcıdı və o mənim üstümə atıldı.» Bu adyutant, onun sınaqdan çıxmış, çoxdankı domino müqabili, həm də demək olar, tanışı, dostu idi, odu ki, qəzəbini heç cür gizlədə bilmədi: «Daha bəsdi, lənət şeytana! Yığışdırın bu hərc-mərcliyi!» Lakin Xose İqnasio Saens de la Barra, həmişəki kimi onun hirsini, hansısa dəlil-sübutla yox, vəhşi itlərin qəddar təlimçisi üsullarıyla yatırtdı. Gecələr general, onunla, vassalı kimi rəftar edən bu yeganə adama - Saens de la Barraya tabe olduğuna görə özünə min bir lənət yağdırır, bu tipin, onun daxilində qurduğu imperiyaya qarşı öz-özlüyündə, təkbaşına üsyan edir, tədricən bütün dövlət strukturlarıno sirayət etməyə başlamış kölə tabeçiliyini canından çıxartmağa çalşırdı. - «Günü sabah bu biabırçılığa son qoyulacaq – o, ağzının içində deyirdi – daha bəsdir, lənət şeytana! Hər şey bir yana, Bendisyon Alvarado məni, əmr yerinə yetirmək üçün yox, əmr vermək üçün yaradıb!» Lakin bütün gecəni fikirləşib qurduqları, Xose İqnasio Saens de la Barra öz itiylə onun hüzurunda peyda olduğu an bircə dəqiqənin içində darmadağın olurdu və general yenidən, ilgəyinə diri qardeniya taxılmış gur səsli, losyon ətri qoxuyan, nişastalı qolçaqlarında zümrüd sancaqlar bərq vuran, zəhmli çəlikli, incə ədalarından göz qamaşan, bu ən lazımlı və ən dözülməz adamın şikarına çevrilirdi; - «Gözümə dəyən adamlar içindən!» - deyə fikirləşirdisə də, onu görən kimi: «Şişirtmək lazım deyil, naço, öz vəzifə borcunuzu yerinə yetirin!» - deyirdi və yenə bir ucdan, içi kəsik başlarla dolu çuvalları qəbul edir, növbəti qəbzlərə imza atır, ayağının altını hiss eləmədən, sonsuzluğa çökən tək, etibarsız hakimiyyət qumluğunun içiylə harasa aşağı enir, dibə çökürdü; səhərlər isə hər addımda, hər birindən yalnız dəniz görünən pəncərələrin qarşısında ayaq saxlayıb özü-özünə: «Bu dünyada nələr baş verir? – deyirdi. – Saat artıq on birdir, bu evdə isə bircə adam belə gözə dəymir! Burda kimsə var?..» - deyə ucadan çağırırdısa da, səsinə səs verən olmurdu. – Sarayda tamam tək idi deyə, çox vaxt ona elə gəlirdi ki, öz sarayında yox, hardasa yad bir yerdədi. - «Eşşəklərin belindən ağır yükləri boşaldıb yalın ayaqlarıyla dəhlizlər boyu, içi tərəvəz və toyuqla dolu zənbilləri daşıyan bir düjün əsgərim hara yoxa çıxşdı?, gecələrlə solan güllərin əvəzinə, təzələrini qoymaq üçün güldanların iyli sularını çölə töküb, üfunətli gölməçələr yaradan çərənçi arvadlarım hanı?; «Susanna, yanım gəl, Susanna sevginin həsrətindəyəm…» mahnısını oxuya-oxuya, quş qəfəslərinin havasını dəyişib içini təmizləyən, eyvanlarda süpürgələriylə xəlçələr çırpan qadınlarım hanı?; hər qapının arxasında ayaq üstündə işəyən və sidiyiylə müşavirələr zalının divarlarında dəvə şəkilləri çəkən sısqa, bic uşaqlarım hanı?; yazı stollarının siyirtmələrində yumurtlayan toyuqları qova-qova otaqlardan çıxaran həyəcanlı məmurlarım hanı?; ümumi tualetlərdə əsgərlərlə eyş-işrətlə məşğul olan fahişələrim hanı?; diplomatlara hürən saysız-hesabsız itlərim hanı?; mənim iflic xəstələrimi pilləkənlərdən qovub, qızılgül kollarının altında yatan cüzamlıları rədd eləyib, yaltaq əyanlarımı məndən kim uzaqlaşdırıb..?» O, generalitetdən olan-qalan yaxın dostlarını, o birilərdən güclə ayırır, onlara, cangüdənlərin, yeni yaxınlarının kürəyi arxasından baxırdı; ona, tərkibi tamamilə ayrı bir adam tərəfindən təsdiq olunan Nazirlər Kabinetinin iclasında çıxış eləməyə böyük minnətlə icazə verirdilər; - bu, onun fikirlərini qabaqlayaraq, bütün dövlət işlərini, onunla məsləhətləşmədən, həll edən qara, hüznlü pencəkli, nişastalı yaxalıqlı altı elmlər doktoru idi. «Lənət şeytana! Hökumət mən özüməm!» - deyə o, arada bir özündən çıxırdısa da, Xose İqnasio Saens de la Barra ona sakitcə: «Qətiyyən, general! Siz, hökumət yox, hakimiyyətsiniz!» - deyə izah edirdi. Axşamlar o, darıxmaqdan üzülə-üzülə, domino oynayır, tərəf müqabillərinin ən usta oyunçu olmasına baxmayaraq, üzücü darıxmadan xilas ola bilmir, ha bic fəndlərlə üzləşirdisə də, bircə partiya belə uduzmaq ona müyəssər olmurdu. Naharı hər dəfə, ən azı bir saat ona görə gözləməli olurdu ki, nəzarətçilər, hər tikənin dadına bircə-bircə baxmadan, onu stola yaxın buraxmırdılar; gizli divar mücrülərindən, içi bal dolu bankalar yoxa çıxmağa başlamışdı, odu ki, o, Saens de la Barraya şikayətlənərəki: «Bu nə hakimiyyətdi? Məgər mən belə hakimiyyət deyirdim?» - deyirdi. Saens de la Barra da cavab verirdi ki, ayrı cür hakimiyyət olmur. - «Olanı budur, general!» Bir zamanların büsatlı cənnət həyatı - istirahət günlərinin bazarını xatırladan saray həyatı onun letargik yuxusuna çevrildi və o, yeni həyatını, gündə-gündə dördcə saat, yerli radisostansiyanın verdiyi bədbəxt sevgi barədə romana qulaq asmağın intizarında yaşamağa başladı; o, romanın hər fəslini, top yelləncəyində uzana-uzana, əlində, içilməmiş meyvə şirəsiylə dolu stəkan tuta-tuta dinləyir, gözləri dolur, növbəti fəsil başa çatanadan sonra, radioromanın baş qəhrəmanı olan cavan qızın ölüb-ölməyəcəyi sualıyla özünü üzüb əldən salırdı. Xose İqnasio Saens de la Barra, bu barədə də onun üçün informasiya toplayıb xəbər veridi ki: «Bəli, general, qız öləcək!» - «Qoy ölməsin, lənət şeytana! - o, əmr etdi - qoy bütün adamlar kimi ərə gedib uşaq doğsun, sonra qocalıb ölsün!» Və Saens de la Barra, generalın, hakimiyyət illuziyalarında rahatlığı üçün ssenarini dəyişdirməyi əmr etdi. O gündən sonra radioromanların qəhrəmanları, onun icazəsi olmadan, ölmür, əsərin keçmiş fəsillərində ölmüş personajlar onun arzusuyla dirilir, mənfi qəhrəmanlar vaxtından əvvəl cəzalandırılır, müsbət qəhrəmanlar xoşbəxt olurdular; bu xoşbəxtliklər, onun əmriylə baş tuturdu; bütün bunlar, fəaliyyət illuziyası yaradaraq, onun həyatına nə isə bir dolğunluq gətirirdi; axı, lap çoxdannan, nə iləsə məşğul olmağa özünə iş tapmırdı; axşamlar, saat səkkizdə, əlində lampa, öz malikanəsində gəzib dolaşdıqca, belə məlum olurdu ki, artıq kimsə itləri yemləyib və prezident qvardiyasının otlaqlarının işığını söndürüb, kimsə qulluqçuya yatmaq əmri verib və o yatıb; mətbəx - tərtəmiz yığışdırılmış, döşəmələr yuyulmuş, üstündə ət doğranan taxtalar, qaşınıb karbolla dərmanlanmışdı; kimsə onun görəcəyi işləri artıq yerinə yetirmişdi; sonra məlum olurdu ki, kimsə pəncərələrin şpinqaletlərini də endirib, kabinet qapılarının açarlarının yalnız və yalnız onda olmasına baxmayaraq, bütün qapıları da açarlamışdı; vestibuldən, onun yataq otağınacan asılan divar işıqları, o əlini düyməyə uzatmağa macal tapmamış, bir-bir sönürdü və o, qaranlıqda əsir düşmüş monarx kimi, ayaqlarını ağır-ağır çəkə-çəkə, izinə heç kim düşə bilməsin deyə, qara məxmərin içindəki mahmızını ardınca sürüyə-sürüyə, əksi güzgülərə düşmədən, yeriyirdi; pəncərələrin önündən keçib getdikcə, həmin dənizi – yanvar ayının Qəraib dənizini görürdü; o, dənizə düz iyirmi üç dəfə baxdı və iyirmi üç dəfənin iyirmi üçündə də onu öz yanvar mənzərəsində – üzünə qırmızı örtük çəkilmiş cənnət bataqlığına oxşar vəziyyətdə gördü. O, hər axşamını beləcə, bu minvalla keçirdi; həmin o avqust axşamı da yenə hər şey olduğu kimi idi; qaranlıqda ayaqlarını xışıldada-xışıldada öz otağına getdiyi yerdə o, yolüstü, hələ də melisa kolu bitən dibçək, çoxdan ölmüş quşların qəfəsləri, anasının, diri-diri çürüyüb canını tapşırdığı əzablar kəcavəsi həmişəki yerində dayanan otağa – Bendisyon Alvaradonun yataq otağına baş çəkdi. «Gecən xeyrə qalsın, ana!» - səssizcə deyib uzun müddətdən bəri eşitmədiyi: «Gecən xeyrə qalsın, Allah amanatında, oğul!» - cavabını yenə də eşitmədi. Anasının otağından çıxıb, işdi, əgər qalmaqal düşərsə, qaçıb aradan çıxmaq üçün karına gələcək lampayla yoluna işıq saça-saça, öz yataq otağına gedirdi ki, birdən-birə bədəni qorxudan qıc olub gərildi – lampanın işığı, hardasa qaralığın dibində, Lord Köxelin, kösöv kimi işaran bəbəklərində közərirdi… kişi odekalonu ətri gəldi və general bu odekalon ətri gələn adamın ona olan nifrətini, hakim gücünü hiss etdi. O, zülmət qaranlıqda duranın kim olduğunu, əyninə parad kostyumu geyib bura, bu gecənin tarixi bir gecə olduğunu ona xatırlatmaq üçün gələn adamın, Xose İqnasio Saens de la Barra olduğunu gözəl bilsə də: «Kim var burda?» - deyə soruşdu. – «Bu gün on iki avqustdur, general! Böyük, tarixi bir gündür! Sizin hakimiyyətə gəlişinizin düz yüzüncü ildönümüdür! Odur ki, general, dünyanın dörd bir tərəfindən qonaqlar təşrif buyurub! Bəs necə?! Axı belə bayramda, ən uzun ömür ərzində belə, cəmi bircə dəfə iştirak etmək müyəssər olur. Bu günü bütün ölkə qeyd edir, bəs siz?!» O, Xose İqnasiyonun inadkar tələblərinə - bu yaddaqalan gecəni, xalqın gurultulu alqışları və odlu məhəbbətinin şüarları altında keçirmək barədə bütün xahişlərinə cavab olaraq, öz yuxu kamerasına həmişəkindən bir az da tez çəkilib, üç kilidi və üç qıfılı bağladı, üç zənciri çəkib soyunmadan, orden-medalsız, kobud kətan formasında, sol tayı qızıl mazmızlı uzunboğazlarında döşəməyə uzanaraq, üzünü balışa basan kimi, ovuclarına basdı və elə bu vəziyyətdəcə – öz əbədi vəziyyətində, bizim, onu bir vaxt tapacağımız vəziyyətdə - quzğunların didib-dağıtdığı, dərisi min bir həşərat və dəniz yosunları basdığı vəziyyətdə donub qaldı və yuxusuz gözələrinin içiylə, dumanlı şehin arasıyla uzaqdan eşidilən bayram atəşfəşanlığının, şən musiqinin, təntənəli kilsə zənglərinin cingiltisini, şüarlar çığıra-çığıra, lil axını kimi irəliləyən kütlələrin səsini eşitdi; o, bütün bunları eşidir, qəmlənməkdən çox, təəccüblənir və öz-özünə: «Anam mənim, taleyim mənim, Bendisyon Alvarado! O vaxtdan artıq düz yüz il keçir! Lənət şeytana, vaxt necə də tez gedir!» - dedi.
…Deməli o, elə ordaydı, özü də bu, onun oxşarı yox, məhz özüydü, qəbul salonunda, ziyafət masasının üstündə, dünyasını dəyişmiş Papa kimi təmtəraqlı geyimdə, təpədən-dırnağacan gül-çiçəyin içində, bir dəfə nə vaxtsa ölüb uzandığı kimi, həmin bu stolun üstündəcə çürüdüyü kimi, sağlığındakı kin-küdurətindən bir az da qatı, kinli ölümüylə, içinə pambıq tıxanmış şişkin, ipək əlcəklərdə, sinəsi, abırsız əlaltılarının düzüb-qoşduğu əldəqayırma müharibələrdəki uydurma qalibiyyətlərinə görə qazandığı saysız-hesabsız orden-medallarla dolu, tovuzquşuna bənzər, al-əlvan parad mundirində, uzunboğazının sol tayındakı qızıl mahmızıyla, çinlərindəki on ədəd Kainat Generalının qəmli günəşiylə (bu rütbəni ona lap ölümqabağı vermişdilər) hamının görə biləcəyi elə yaxın bir yerdə uzanmışdı ki, ilk dəfə onun real varlığına bizdə bircə damla belə şübhə yeri qalmadı; hərçənd ki, əslinə qalsa, ictimaiyyətin nümayişinə çıxarılan, bizim müşavirə zalında hələ də axıracan inana bilmədiyimiz rəsmi xəbərin hər sözünü götür-qoy elədiyimiz vaxt, qonşu zalda şamların aram odunda elə bil get-gedə pörtüb qızaran bu meyit qədər bu dünyada ona az oxşayan, hər ədasıyla ondan seçilən ikinci bir adam yəqin ki, tapılmazdı. – «Məni hərbi yük maşınlarının boğuq uğultusu oyatdı: silah-sursatın, boyunlarından asılı avtomatların ağırlığından beli bükülən yaşıl dəbilqəli əsgərlər dəstə-dəstə, hələ də adamsız səkilərlə addımlayır, girişlərdə gizlənir, yol ayrıclarında dayanır, dövlət binalarının darvazaları önündə ayaq saxlayırdılar; onlardan bəziləri günün altında bərq vuran lülələrini böyürlərinə qoyub, alış-veriş küçəsindəki piştaxtaların altına uzanmışdılar, o birilər, ağır pulemyotlarını vitse-kralın məhəlləsindəki evlərin damına çıxartmışdılar; butun bunları mən öz gözlərimlə gördüm; patioadan yığdığım tər qərənfil dəstəsini qoymağa yer axtara-axtara, eyvanın qapısını açanda isə əsgərlərin çəkmələrinin küt tappıltısını və kobud danışıqlarını eşitdim; leytenantın başçılığı altında bir dəstə patrul onun-bunun qapısını döyəcləyib, alverə başlamaq istəyən dükanları bağlamağı tələb edirdi. – «Əmri yuxarılar verib! Bu gün milli bayramdı!» Qərənfilin birini leytananta tullayıb soruşdum ki, bu nə hay-həşirdi, niyə küçələrdə bu qədər əsgər var?!.. Leytenant gülü havadaca tutub əvvəl çiyinlərini çəkdi: «Biz də heç nə bilmirik, əzizim.» – dedi, sonra mənə göz vurub uzun-uzadı qəhqəhə çəkdi, – «Bəlkə rəhmətlik dirilib, hə?» Bu sözlərdə qəribə heç bir şey yox idi, əksinə, bizlərə, onun bu dünyadakı varlığının sona yetməsi, dərkolunmaz və təəccüblü gəlirdi və biz onun, dövlət işləriylə maraqlanmadığı uzun illərdən sonra ölüm yatağından qalxıb hakimiyyət cilovlarını yenidən əlinə yığdığına, tanış çıraqların, əvvəlki vaxtlardakı kimi yandırıldığı ecazkar Hökumət İqamətgahının, ucu-bucağı görünməyən, döşəməsi xalılı dəhlizləriylə enli, yastı dabanlarını həmişəki qaydasıyla, hələ əvvəlkindən bir qədər də şövqlə sürüdüyünə daha asanlıqla inanırdıq; biz asanca inanırdıq ki, inəkləri qovan, ayrı bir kəs yox, məhz o özüdür; – de Armas meydanının çatlaq plitələri arasından çırtlayan otu qırpıb yeyə-yeyə aramla yeriyən, həmin o plitələrin üstündə, palma kölgəsinin altında otura-otura, inəklərin yerişini əsgər çəkməsinin səsiylə qarışıq salan korun yanındaca otlayan inəkləri də o qovmuşdu, küçələrdən hələ də inəklərin ayaq səsləri eşidilirdi və o, ölümə sinə gərərək, evinə qələbəylə dönən xoşbəxt cəngavər haqqında şer söyləməyə başladı; şeri, əllərini, yarımçıq tikililərin böyür-başında qıvrılan şitilləri laqeyd üzləriylə gövşəyən inəklərə açaraq, birnəfəsə dedi – onlar üçün - yem üçün saray pillələrini qalxıb-enməyə öyrəşmiş inəklər üçün oxudu; buralar inəklərin ürəyin yatırdı, odu ki, heyvanlar burda – çöl kameliyalarından çələng taxmış musiqi ilahələrinin və Milli teatrın uçuq-sökük binasını bəzədiyi, liralarından meymunlar sallandığı yerlərdə yem axtarmağa öyrəşmişdilər; susuzluqdan üzülən inəklər, vitse-kral məhəlləsinin, yarıqaranlıq, sərin girişlərinə elə səs-küylə cumurdular, elə bil girişlərdə bir yığın gül dibçəyi yerə dəyib çilik-çilik olurdu, sonra da, susuzluqdan yana-yana başlarını patiodakı nohura soxurdular; heyvanlar nə qədər su içsələr də, onları buralardan qovan olmurdu, çünki inəklərin hər birinin boynunda prezident möhürünün izləri gözə dəyirdi; hamı bu heyvanlara, müqəddəs canlılar kimi baxırdı, hətta əsgərlər belə, ən dar, qızğın alver gedən küçələrdə onlara yol verirdilər.
Küçə, həmişəki şən karnaval ovqatını, öz iblisanə cəlbediciliyini çoxdannan itirmiş, buşpritlər dövründən bu yana zaman-zaman gəmirilərək, sınıq qabırğaya bənzəməyə başlayan şpanqout və dorların, bir vaxtlar, dənizimiz olanda, gəmilərin, az qala alver piştaxtaları arasında lövbər saldığı, təzə balıq və tərəvəz satılan ərazilərdə yaranmış üfunətli bataqlıqlarda çürüməkdə olan lazımsız avadanlıqların zibilliyinə çevrilmişdi; onun prezidentliyinin ilk illəri, hind bazarının, çevik alış-veriş aparıldığı boş pavilyonlardan axan qatı üfunəti havadan asılı qalmışdı; sonra hindlilər də buralardan çıxıb getdilər, ona heç «sağ ol» da demədilər; – «Bunlara bir bax!» - deyə o, onların ardınca, qocasayağı, səbrsiz hikkəylə çığırdı: - «İtilin, ingilislərin yanına, onların zir-zibilini təmizləməyə!» Hindlilər onun sözlərini eşitmədilər, onlardan sonra bazarda, birdən-birə hardansa - tilsimli boyunbağılar, ilan zəhərinə qarşı təmrinlər satan alverçilər peyda oldu, çürüntüdən, zir-zibildən münbitləşmiş yaxın torpaqlarda isə, bir-birinin ardınca – isi, nazik arakəsmələrlə bölünən, gecə-gündüz yeyilmiş patefon vallarının zəhlətökən xırıltısı altında eşq macəraları altında cırıldayan çarpayıların səsi eşidilən xırda komalar bitməyə başladı; bu çarpayılar, kilsə zəngləri milli matəmin başlanmasını elan edənəcən, əsgər qundaqları altında darmadağın olub getdi. Bəli, kim nə deyir-desin, bu, əsl matəm idi… və kədər də saxta deyildi, çünki onun, uzun müddətdən bəri həsrətlə gözlədiyimiz ölümü, bizim özümüzdə də çox şeyi aşkar eləmişdi və hər şeydən əvvəl, onun tutulduğu hansısa monarx mərəzindən gəbərəcəyini, dəfələrlə ağızdan-ağıza gəzən, hər dəfə də yalan çıxan ölüm xəbərinin, nəhayət ki, həqiqət olacağını ümidsizliklə gözləyirdik ki, bunu gözləyə-gözləyə, özümüz az qala öldük, quruyub qaxaca döndük və indi biz, onun son gedişinə, bunun, yenə həqiqət olmadığına görə yox, ona görə inanmırdıq ki, daha buna, özümüz inanmaq istəmirdik, çünki artıq qəlbimizin dərinliyində onun ölümünü istəmirdik; biz artıq təsəvvürümüzə belə gətirmirdik ki, ondan sonra necə yaşayacağıq, ümumiyyətlə, onun əsaslı yer tutduğu həyatımız, onsuz necə davam edəcək. - «O, mənim üçün hər şey idi… bu adam mənə, heç bir kişinin verə bilmədiyi, on iki illik xoşbəxtlik bəxş etmişdi! Onu lap çoxdannan – fermanın xırda pəncərəsindən şorgöz-şorgöz bizlərə – saat beşdə məktəbdən qayıdan mavi paltarlı qızlara baxıb: «Ah, anam mənim, Bendisyon Alvarado, bu sütül bədənlər necə də gözəldi!?» - dediyi vaxtlardan yadımda saxlamışam. Biz onun ac gözlərini, səfir Fourbisin göndərdiyi nabatların cingiltisini qızlara eşitdirmək üçün, içi nabatla dolu yaraşıqlı bankanı cındır əlcəkli əlində oynada-oynada atıb-tutduğunu görürdük və çönüb qaça-qaça, ordan uzaqlaşırdıq; tək bircə dəfə - heç kəsin görmədiyini dəqiqləşdirib, oğrun-oğrun pəncərəyə yaxınlaşdım, əlimi güllü bankaya uzatdım, nabatların səsi çox cəlbedici idi; o, mənim əllərimi möhkəmcə, eyni zamanda incə-incə sıxdı, məni, yumşaq pələng hərəkətləriylə havaya qaldırdı, heç bir ağrı vermədən, pəncərədən içəri elə saldı ki, formamın bircə qırçını belə əzilmədi; sonra məni, qatı sidik iyi verən samanlığa uzadıb, mənə nə isə demək üçün ağzını açdısa da danışa bilmədi; onun dili, elə bil damağına yapışmışdı, mənə elə gəldi ki, o, məndən çox qorxuya düşüb; ürəyi elə vururdu ki, hər döyüntüsü, sinəsinə yapışmış köynəyindən hiss olunurdu; rəngi ağappaq ağarmışdı, gözləri yaşarmışdı; bu göz yaşlarını, sonralar mənimlə yatan heç bir kişinin gözündə görmədim; o, qırmaq kimi iti barmaqlarıyla mənim titrək bədənimi dinməz-söyləməz, elə qüvvətlə, elə ehtiras və incəliklə əlləşdirirdi ki, bu həzzi mən bir daha heç kimdən duymadım; barmaqları qarnım boyu üzüyuxarı sürüşür, arada bir, qıcolmuş kimi gərilirdi və mən, bu əllərin altında döşlərimin gilələrinin böyüyüb qönçə kimi açıldığını hiss edir, samanlığın içində ağnaya-ağnaya, yad kişi təri qoxuyan nəm köynəyə bir az da bərk sıxılırdım; daha ona səfir Beyldriçin nabatları lazım olmadı – indi daha mən özüm, samanlıqda məni əlində, içi yeməklə dolu zənbillə gözləyən qəmli, lakin, sağlam ürəkli bu adamın qucağına yetişmək dəqiqələrini bir daha yaşamaq xoşbəxtliyi ilə tövlənin pəncərəsindən içəri soxulurdum; o, mənim bədənimin iylərini çox sevirdi, mənə də bu iyləri sevməyi öyrətmişdi; o, bizim yediyimiz yeməklərə də, iyimin hopmasını istəyirdi: «Ləzzətlisən, - o pıçıldayırdı – əcəb dizin var… sənin öz şirəndə bişmiş böyrəklərini, tərinin duzuna batırıb elə yeyərdim ki...» O, sabahı olmayan hər eşq axşamı, bədənimi başdan-ayağa ehtirasının acı istiotuyla, dəfnə yarpaqlarıyla ədvalayır, yalvarışlarının aram odunda bişirirdi; məni səxavətlə yedirdib doyuzdurur, özü də yeyirdi; sonralar daha mən, nə bu şəhvəti, nə bu səxəvəti heç bir kişidə görmədim; yeyib doyandan sonra, sulu tikanlı dilləriylə bizi yalamaq istəyən inəkləri qovub, özü haqqında, arada bir ürəyinin sıxıldığından, hər şeyə tüpürüb, baş götürüb, buralardan getmək istədiyindən danışardı; özü də bu barədə sakitcə, taleyindən şikayətlənmədən, heç nədən umub-küsmədən, yalnız ümidsiz bir çığırtının poza biləcəyi təmkinlə, elə bil öz-özüylə danışırdı; səsi aram idi, dırnaqlı barmaqları yenə bədənimə toxunurdu; bir sözlə, o, mərd və yenilməz idi – mənim həyatımın yeganə mənası idi. On dörd yaşım yenicə tamam olmuşdu ki, evimizə, paqonlarında çoxlu ulduz parlayan iki hərbçi gəldi; onlar, içi qızıl dublonlardan* şişib ağırlaşmış çamadanlarla gəldilər; məni valideynlərimlə birgə, gecənin bir yarısı hansısa əcnəbi gəmiyə oturtdular və mən beləcə, qürbətdə yaşamalı oldum. Onun ölüm xəbərini eşidənəcən - onun ağuşunu öz darıxdırıcı, miskin həyatım boyu xatırladıqca, gündə yüz dəfə ölüb-dirilməyimdən, hər qarşıma çıxanla yata-yata, bu dünyada ondan yaxşı kişinin olub-olmadığını yoxlayaraq, bir adam kimi hamıdan üz çevirdiyimdən xəbərsiz öldüyünü eşidən günəcən, uzun-uzadı illər elə orda da qaldım; vətənə - qocalıb qartımış vəziyyətdə, müxtəlif kişilərdən doğduğum bir düjün uşaqla, onun, ölüm ayağında, dumanlı xatirələrlə də olsa, məni xatırlayacağı ümdlə qayıtdım...» Lakin general onu, fermanın pəncərəsində görmədiyi günün səhərisi unudub, ayrı birisini, sonra daha bir ayrısını ələ keçirdi... beləliklə, hər axşam, bir-birindən seçilməyən, eyni formalı məktəbli qızlarla məşğul oldu; bu qızların hamısı, elə bil bir-birinə bənzəyirdi, böyründən mavi sürüylə ötdükcə, ona iti dillərini göstərir, «Qoca kaftar!» - deyə çqışqırışıb, şən-şən gülüşür, səfir Rimpelmeyerin hədiyə verdiyi nabat şüşəsinə əyri-əyri baxırdılar; o isə işindən qalmırdı, qızları bir-bir pəncərəyə çağırır, əlinə keçənin, dünənki, yaxud təzəsi olduğuyla heç maraqlanmır, onların hamısını, dənizçi yaxalıqlı, mavi paltarlı, vahid canlı şəklində təsəvvür edirdi; bu təsəvvür - gün-gündən artıb çoxalan borcunun əvəzinə, ərazi sularının verilməsi tələbini eşitməmək üçün, ona elektron gücləndiricili qrammofon ruporu bağışlayan səfir Ştreymberqin zəhlətökən, yeqnəsəq mülahizələrini, mürgüləyə-mürgüləyə qulaqardına vurduğu dəqiqələr ruhunu şirin-şirin oxşayırdı. O, bu tələbi və bu tələbin böyür-başındakıları əzbər bilirdisə də, yenə melanxolik bir yeqnəsəqliklə: «Qətiyyən, əzizim Stivenson! Dənizdən başqa nə istəyirsən, götür.» - deyir və metal səsli gücləndiricini söndürürdü ki, onun, iqtisadiyyatdan az-çox başı çıxan iqtisadçılarının, çoxdannan bəri: «Biz lütük, mənim generalım, qəpiyimiz belə yoxdu.» - deyə-deyə ona başa salmağa çalışdıqlarını bir də, dönə-dönə təkrar eləməsin. Amma o, onsuz da, bilirdi ki, xəzinə bomboşdu, bilirdi ki, ehtiyatlar çoxdannan dağıdılıb, ölkə borc hesabına yaşayır; yaxşı yadındaydı ki, müstəqillik uğrunda müharibələr dövründən bu yana yığılan borcları ödəməkdən ötrü ilk əvvəl istiqraz almışdı, sonra gecikdirilmiş ödənişin faizlərini ödəmək üçün ayrı istiqrazlar gəldi, sonra faizlərin ödənişi xirtdəyə dirəndi, sonra pul çatışmazlığından qəzəblənmiş kreditorları sakitləşdirmək üçün, pulun əvəzinə, nələrisə vermək məcburiyyəti ortaya çıxdı, kinə ağacı və tütünü ingilislərə, kauçuk və kakaonu hollandlara, dəmir yolu tikintisi konsepsiyasını və su yollarını almanlara, bir sözlə, hər şeyi, gizli, ya açıq şəkildə – əsasən əlbəttə ki, gizlicə – bu yadelli qrinqolara verməli olduq; bəzən bu işlər o qədər gizli gedirdi ki, bunlar barədə o, özü sonradan - Xose İqnasio de la Barranın biabırçı ifşasından və ictimai şəkildə qətlindən sonra xəbər tuturdu. – Allah onu, əbədi olaraq, cəhənnəm odunda yandırsın! Buna baxmayaraq, həmin o çətin ildən başlayaraq, Hamburq bankirlərinə – xirtdəyinə keçən bu xəsislərə ödəniləcək haqqın təxirə salınması barədə əmr verdiyi həmin o çətin ildən başlayaraq o, yenə hər maliyyə nazirindən: «Bizim ayrı yolumuz yoxdu, mənim generalım!» - sözünü eşidirdi; bu, alaman eksadrilyasının limanı mühasirəyə aldığı dövrlər idi; qəfildən reydə çıxan ingilis zirehli gəmisi xəbərdarlıq atəşi açmışdı və mərmiylə kilsənin qülləsini dağıtmışdı; lakin bu top atəşləri də onu qorxutmadı. O: «İngilis kralının lap belə... Rədd olsun kayzer! Ölərəm, təslim olmaram!» - deyə bağırdı və onun kimi ehtiraslı domino həvəskarı olan səfir Çarlz U.Treykolerin köməyi ilə, lap axır məqam - hər şeyin bitdiyi güman edilən son anda xilas edildi; səfirin təmsil etdiyi bu dövlət özünü, generalın Avropa üzrə məsuliyyətlərinin təminatçısı elan edərək, əvəzində, bizim təbii sərvətləri istismar etmək hüququ qazandı. Həmin bu məsələdən sonra ölkə müflis vəziyyətə düşdü, bizsə ömürlük dilənçiyə çevrildik. «Biz, mənim generalım, əynimizdəki alt paltarına görə də borcluyuq.»
Onu heç nə çaşdırmadı, əvvəlki vaxtlarda olduğu kimi, səfiri əzəmətlə, pilləkənlərə qədər ötürür, onunla, bütün səfirlərlə xudahafizləşdiyi qaydada, bir xeyli çərənləyəndən sonra çiynini şappıldadaraq: «Xeyr a-a-a, əzizim Beykster! Ölərəm, amma dənizi vermərəm!»
Ödənilməyən bütün borclardan çox onu, etimadını heç cür doğrultmayan, lənətəgəlmiş Xose İqnasio Saens de la Barranın - Letisiya Nasareno və onun körpəsini məhv edən bədxahların başlarından savayı, hamının başını bədənindən ayırtdıran bu qatilin günahı üzündən, içində qəbiristanlıq sükutu və kimsəsizlik hökm sürən sarayı narahat edirdi. O, tutuquşuların boğazına nə qədər şəfqətli dərmanlardan damcıladırdısa da, quşların səsi çıxmırdı ki, çıxmırdı; qonşuluqdakı məktəbin qızları da daha yaşıl ağaca qonan çopur quşcuğazın mahnısını oxumurdular; bircə o qalırdı ki, bir kənara çəkilib hər şeyi unudasan; vaxtın qalan hissəsi isə, döşləri kal limon kimi balaca, bərk məktəbli qızların yolunu gözləməyə və onlarla məzələnməyə gedirdi; ya da, siestanın bürkülü saatlarında yamyaşıl talvarın altında təmtəkcə oturub, çoxlu, dadlı yeməklər yeyə-yeyə, ürəyinə yatan televizya filmində baş verən əhvalatın ipini əldən buraxmamaqdan ötrü, arada bir, yarımürgünün içindən oyanıb, yenidən mürgüləyə-mürgüləyə keçirirdi; bu filimlərdə hər şey həyatdakı kimi deyildisə də, ona elə gəlirdi ki, əsl həyat, yaxud ən azı, onun təsəvvürüncə həyat - elə-belə də olmalıdı; uzun müddət onun ağlına belə gəlmirdi ki, bu yaxşı sonluqlu yüngül filmləri – əclaflığın xeyirxahlığa təslim olduğu, məhəbbətin şərə qalib gəldiyi bu filimləri biz, onun zövqünü oxşamaqdan ötrü - Xose İqnasionun tapşırığı ilə, xüsusi radioötürücülərlə, ya da, televizya verlişlərini kəsib, ayrıca kanalla verirdik; biz, hər şeyi bilə-bilə, onu vicdansızcasına aldadırdıq ki, o, özünü xoşəbxt hiss etsin; o da özünü son günlərinəcən, qocalıb lap heydən düşənəcən, xoşbəxt hiss edirdi; axırı-sonu görünməyən, uzun-uzadı qocalıq illərində o bir də, əyinlərindəki dənizçi formalarında tir-tir titrəyən, balaca qızları əlləşdirəndə, özünü belə xoşəbxt hiss edirdi; lakin günlərin bir günü, o soruşanda ki: «Sənə məktəbdə nə öyrətdilər?», mən də cavab verəndə ki: «Mənə heç nə öyrətmədilər, senyor, axı mən liman fahişəsiyəm!» - o dəqiqə məni, qulağına dediyimi təkrar eləməyə məcbur elədi… olsun, elə bilmişdi ki, səhv eşidib; onda mən, dediyimi heca-heca təkrar elədim ki, mən məktəbli deyiləm, liman fa-hi-şə-si-yəm!; dedim ki, məni qətranlı sabunla yuyub, lifləyib dənizçi yaxalıqlı mavi paltar geydirib, hər axşam saat beşdə onun pəncərəsi önündən qaçmağı əmr ediblər; özü də mən tək qaçmırdım, böyrümlə, sanitar polisinin yaxalayıb ələ keçirdiyi, yuyundurulub mənim kimi, məktəbli forması və oğlan botinkaları geydirildiyi, başlarına, at quyrüğündan hörüklər taxılmış fahişələr də qaçırdı; baxın, bu saçlar, başa adi sancaqla taxılır; bizi xəbərdar etmişdilər ki, əlindən heç bir iş gəlməyən, bədbəxt, səfeh qocadan qorxmağa dəyməz, bircə onu edəcək ki, soyundurub, həkim kimi ora-buranıza baxacaq, ola bilsin, yüngülvari əlləşdirəcək… bir sözlə, sizin elədiklərinizi dedilər, mənim generalım, bizsə gözlərimizi yumub, guya ehtirasdan alovlana-alovlana: «Ax mənim sevgilim... sevgilim mənim...» - deməliydik, necə ki, hər axşam mən deyirdim, sizin də canınıza yağ kimi yayılırdı; pulu bizə verməzdən əvvəl, bu səhnəni oynamaq üçün bir neçə dəfə məşq elətdirirdilər, pul da nə pul – beş-on qara qəpik, vəssalam: sanitar vergisini və serjant üçün komisyon xərclərini çıxanda, bizə cəmi dörd ütük peso qalır. Bütün bunları, mənə gözünü qırpmadan qulaq asan qaraqabaq qocanın üzünə dedim».
«Ah, anam mənim, Bendisyon Alvarado, bu qədər zülm çəkmək olar?..» - deyə o, özü-özünə fikirləşirdisə də, nə bir sözüylə, nə hərəkətiylə sarsıntısını biruzə vermir, vəziyyəti dolayısı yollarla aydınlaşdırmağa, xırdalıqları dəqiqləşdirməyə çalışırdı və çox keçmədi ki, o, Dövlət Evinin qonşuluğundakı qızlar məktəbinin artıq çoxdan bağlandığını dəqiqləşdirdi; balaca, məktəbli qızları həmin indi qabağımızdakı banket stolunun üstündə, nə iləsə, sousun içində üzüyuxarı üzən sabalo balığını xatırladan bədəni ilə uzanmış qaraqabaq, şorgöz qocanın caynağından qurtarmaq üçün, şəxsən maarif nazirin özünün, yepiskopun xeyir-duası altında, var-dövlətli, adlı-sanlı ailə başçılarıyla əlbir olaraq, dəniz kənarında yeni, üçmərtəbəli məktəbin tikintisinə vəsait ayırdığını öyrənə bilmişdi; solğun malvların, kimsəsiz düzənliklərin, ay kraterlərinin sönük şüaları - onsuz açılan ilk səhərin zəif işartıları, üstünə səpilən ağappaq gül-çiçək meyitin rəngini bir qədər də saraldırdı… o nəhayət ki, azad idi, öz hakimiyyət əsarətindən, əsiri kim olduğu dəqiq bilinməyən Hakimiyyət Evinin cansıxıcı köləliyindən qurtulmuşdu! Bir vaxtlar bu sərdabə, həmin bu saray təmir olunanda, sahibinin razılığı alınmadan, içəri və çöl tərəfdən ağ rənglə boyananda o, otaqların, dəhlizlərin divarlarına söykənə-söykənə, kənar bir adam kimi, rəngsazların işinə tamaşa edir, orda onu tanımayan rəngsazlar: - «Burda sizlik bir iş yoxdu, senyor, rəngi korlayırsız!» - deyə üstünə qışqırırdılar. O da, təzəcə ağardılmış divarlara toxunmadan, ehtiyatla sivişib gedirdi. «Aşağı düşməyin, senyor, taxtabəndlər başınıza uçar!» - deyə o biri yandan çığırırdılar və o, dinməzcə yuxarıda dayanıb qalırdı. Burda, həmin bu yerdə, balta səsindən, bənnaların qəzəbli çığırtılarından qulaq batırdı. – «Çəkil, kaftarın biri kaftar, yoxsa gilə yapışarsan!» - o da sıravi əsgər itaəti ilə deyilənə tabe olur, geri çəkilir, guya rahatlığı üçün aparılan bu səfeh yenidənqurmanın dözülməz əməliyyatlarına səbrlə dözürdü; özü özünə məxsus olmadığına görə, cangüdənlərinin baxışlarından heç cür qurtara bilmirdi; cangüdənlərin kinli baxışları, elə bil onu qorumaqdan ötrü yox, güdməkdən ötrü ardınca zillənirdi; onlar, onun yeyəcəyi bütün xörəklərdən dadır, yeməklərin yarısını korlayır, bal ehtiyatlarının xəlvəti yerlərini dəyişir, yeriyəndə cingildəməsin deyə, qızıl mahmıza üz çəkir, cürbəcür ehtiyat tədbirləri görürdülər; bütün bu işlər, olsun ki, köhnə dostunı - Saturno Santosa yaman gülməli gələrdi; on bir başkəsənin, səhərdən-axşamacan sirk kəndirbazları kimi, böyür-başına hərlənmsi, əlli metrlik məsafədən silahın növünü hiss edən, yanıb-sönən yaşıl-qırmızı lampalı cihazları, doğrudan gülməliydi; avtomobil karvanı isə elə sürətlə gedirdi, yeddi eyni markalı maşın bir-birilə elə ötüşürdü, elə bil onları qovan vardı; bu ötüşmədə general bəzən tez-tez yerini dəyişən maşınların arasında, özünün hansı maşında olduğunu qarışdırırdı; lakin bütün bu ehtiyat tədbirləri, quzğuna güllə atmaq kimi, mənasız bir iş idi; maşının pərdəsini çəkib çölə boylananda gördü ki, özünü könüllü surətdə dustaq etdiyi bu qədər uzun-uzadı matəm illərindən sonra da, prezidentin limuzinlər karvanının lotusayağı manevrləri heç kəsin vecinə deyil; o, kilsə qüllələrindən də yüksəklərə ucalan şüşə qayaya bənzər nazirlik binalarına baxdı, divarda fırçayla yazılmış hansısa şüarı pozub təmizləyən hərbi patrula göz qoydu; orda nə yazıldığını soruşanda dedilər: «Yeni vətən qurucusuna eşq olsun!»; şüarın başdan-ayağa yalan olduğunu anladısa da, başını tərpətdi, «yoxsa silməzdilər» - fikirləşdi; dənizə qədər altı bulvar uzunluğunda uzanan kokos palmalı, gül-çiçəkli, geniş bulvarı gördü; əvvəllər bu yerlər bataqlığıydı; qədim sütunlu eyvanı, bir-birinə bənzər yeni villalar salınmış, yeni şəhərətrafı qəsəbəni gördü; bir vaxtlar zibilxana olan yerdə sıx amazon yaşıllıqlarıyla dövrələnmiş otelləri gördü; əyri-üyrü küçələrlə tısbağa gedişiylə yeriyən sonsuz avtomobil sürüsünü gördü; səkinin gün düşən tərəfiylə veyillənən, günortanın bürküsündən gicəllənən adamları gördü; səkinin kölgə hissəsində isə vergi idarəsinin, harın-harın o baş-bu başa gəzişən məmurları, səkinin kölgə yerində dayanmağa görə haqq alırdılar; odu ki, yazıq camaata, günün altında qovrulmaqdan savayı bir şey qalmırdı!
Amma onu ən çox, getdikcə ətrafına cod hakimiyyət dalğası yayan, nəhəng dəmir tabuta bənzər prezident limuzininin, heç kəsin tükünü belə tərpətməməyi heyrətə gətirdi. Onun donuq gözlərini, həyəcan və təəcübdən səyriyən dodaqlarını da heç kəs tanımadı; onun əlinə – ona əhəmiyyət verməyən camaata tərəf yellətdiyi məşhur əlinə də diqqət yetirən olmadı; maşın irəlilədikcə, qəzet və boyunbağı satanların haray-həşiri, dondurma arabalarının cırıltısı, lotereyaları bayraq kimi yellədən lotereyasatanların ətürpədən çığırtıları – küçə dünyasının bütün uğultuları arxada qaldı; «Anam Bendisyon Alvarado, gör bir, mənim şəhərim nə günə qalıb?» - deyən qocanın qəlbində nələr baş verdiyinin, bu küçə dünyasına heç bir dəxli yox idi. Buralar elə dəyişmişdi ki, heç haranı tanımaq mümkün deyildi: bir vaxtlar paltarları eyvanların məhəccərində qurudan, şam yeməyinə bir-iki balıq əldə eləmək üçün, qürub çağı xırda dükanlara girərək, alverçilərlə söyüşən ərsiz qadınlar döngəsi hardaydı? Öz dükanlarının qapısı ağzında çöməlib bayıra çıxan hindlilər hanı? Darıxdırıcı mahnılarla ölümü ovsunlayan arvadlar hanı? Valideynlərinə qulaq asmadıqlarına görə əqrəbə çevrilən qorxunc qız şəkli hanı? Hanı, üfunətli bataqlığa çevrilən quldur yuvaları?.. Maşın, küçəni buruldu və onun gözünün qabağına, boynubükük qutanalar gəldi, birdən-birə ürəyi sıxıldı: liman! Bəs liman hanı? Hanı o qaçaqmalçı qayıqları? Bir vaxt desantçıların atıb getdiyi zirehli gəmi hanı? Bəs o zibil iyi hara yoxa çıxıb? Yoox, bu dünyaya nə isə olub, əgər limuzindən düşüb vaqona mindikdən sonra da, onun pəncərədə görünən zərif əlinə məhəl qoyan yoxdusa, bu hakimi-mütləq qocanın əlini heç kim tanımırsa, bu dünyada nə isə baş verib. İndi bu əl – aran yerlərinə yeni dəmir yolu xəttini açan ilk qatarın yarımçıq pəncərəsindən kiməsə hədər yerə yellədilən mənasız bir əl idi. Qatar, bir vaxtlar malyariya bataqlığı olan ətirli çöllərdən keçib, qara-qışqırıqçı bataqlıq quşlarının dolaşdığı düyü zəmilərinin yanından ötərək, prezident möhürü vurulmuş inək sürülərini hürküdərək, ağlasığmaz mavi çalarlı düzənliklərlə sarı şütüyürdü; o isə vaqonun, səyahətdən çox matəm mərasimlərinə daha çox yarayan, qara, məxmər üzlü kupesində oturaraq, özü-özünə: «Lənət şeytana, bəs mənim köhnə, dördayaqlı qatarım hanı? Hey çığırışan meymunlar hanı? Hanı cənnət quşlarının nəğməsi? Hanı yenilməz əjdahalı ölkəm, hanı vətənim? Bütün bunlar hara yox oldu, anam mənimcan?»
Keçmiş vaxtları, bircə stansiyalar və ingilis şlyapaları taxmış, qaradinməz hindu qadınları oturan yarımstansiyalar yada salırdı: bu qadınlar, müxtəlif heyvanlar şəklində bişirilmiş şəkərli meyvələr, kartof və qızardılmış toyuq satırdılar; gül-çiçəkdən yığılmış «Vətənin böyük atasına əbədi eşq olsun!» - şüarı görünən arakəsmələr boyu qızğın alver gedirdi; o, yenə əvvəlki möhtəşəmliyində, əvvəlki qüdrətində idi və yenə heç kəs onun harda olduğunu bilə bilmirdi; onun adı yenə əvvəlki qaydada hamını diksindirirdi; axı, ölkədə baş verən hər şey yenə onun adıyla bağlıydı; o özü də son vaxtlar qorxu içindəydi, çox vaxt özünü, təqib olunan qaçqın kimi hiss edirdi, səbr kasası daşanda isə: «Belə yaşamaq ölümdən də betərdi!» - deyə Xose İqnasio Saens de la Barranın üstünə çımxırır, cavabında isə: «Elə deyil, general, bu, qanun çərçivəsində gedən Tərəqqidir!» - kəlamını eşidirdi, bu cümlənin ardınca, məlahətli təbəssümlə müşayət olunan, min cür ən ağlasığmaz, sirli və inandırıcı sözlər gəlirdi. Və o, onsuz, özünü tamamilə tənha hiss etdiyi bu lənətəgəlmiş Saens de la Barrayla bir dəfə təslim olub razılaşdığı kimi, bu yırtıcıyla - yuxusuz gecələrdə ürəyində söydüyü, səhərlər isə yenə hakim-mütləq və gərəkli olan bu qəddar adamla razılaşmalı olurdu; bu adamın, az qala ayaqyoluna gedəndə belə, ondan ayrılmadığı insan gözlü, insan adlı, gözəl köpəyi Lord Köxellə birgə, günün günorta çağı üzündəki mülayim təbəssümlə peyda olmağıyla, bizim generalın gecəki qəzəbinin sovuşmağı bir olurdu; general, həmin dəqiqə bütün acığını, kin-kidurətini unudur, onun təklif elədiyi hər bir şeyi ürəkdən bəyənir və deyilənlərə elə dinməzcə, elə tələskənliklə əməl eləyirdi ki, sonradan buna görə, ürəyinin dərinliyində özü özəlindən əsəbiləşirdi. Di gəl ki, bu əsəbiliyin özü də çox çəkmirdi, Saens de la Barra onun daxilində yaranmaq istəyən hər hansı cüzi bir dəyişikliyi tutan kimi, general o dəqiqə Saensi sakitləşdirməyə başlayır, hər şeyi, öz əvvəlki yerinə qoyurdu: «Narahat olmayın, Naço, öz vəzifə borcunuzu yerinə yetirin!» - deyirdi.
Və Xose İqnasio Saens de la Barra yenidən öz yenilməzliyi və dəolunmazlığıyla öz zindanına - prezident sarayından cəmi beş yüz metr aralıda quraşdırılmış cəza kombinatına, bir vaxtlar holland dəlixanası olmuş, kolonial memarlıq binasına qayıdırdı. «Sizin saray kimi, möhtəşəm bir saraya, mənim generalım.» Bu, badam pöhrələrinin arasında itib-batan, qabağı, çöl bənövşələriylə dolu yaşıl çəmənlik olan bir bina idi; birinci mərtəbəsində, axtarış xidməti və vətəndaşlıq aktları qeydiyyatı bürosu yerləşirdi, qalan mərtəbələrdə isə vəhşi işgəncə maşınları quraşdırılmışdı; bu maşınlar elə incə və ətürpədən fantaziyayla hazırlanmışdı ki, o, bunlara baxmaq belə, istəmədi və Saens de la Barraya: «Naço, vətən qarşısındakı borcunuzu daha yüksək səviyyədə yerinə yetirməyinizdə olun və unutmayın: mən heç nə bilmirəm, heç bir şey görməmişəm, idarənizdə də heç vaxt olmamışam!» - dedi. Xose İqnasio Saens de la Barra, onun qarşısında dərin ehtiramla təzim edib, kişi kimi söz verdi ki, prezidentin dediklərini qəbul edir, valideynlərinin dilini açmaqdan ötrü, beş yaşlı uşaqların cinsi orqanlarına elektrik cərəyanı buraxmaq kimi cəza növünə son qoymaq əmrini dinməzcə yerinə yetirdiyi kimi, bu sözünün də üstündə dayanacaq; əmrin yerinə yetirilməsinə xüsusi nəzarət lazım idi; əla həzrət qorxurdu ki, lotereya əhvalatı vaxtı onu heydən salan zalım yuxusuzluq, bütün bu iyrəncliklərdən sonra yenə üstünə hücum çəksin. Əmr yerinə yetirildisə də, o yenə, hardasa, yaxında işləyən dəhşətlər emalatxanasını unuda bilmədi; bir də axı necə unudaydı ki, səssiz, aylı gecələr, yaxından ötüb keçən qatarların taqqıltısına, şimşək gurultusuna ayılırdı; bu qatar və şimşək səsləri isə əslində, Bruknerin vallarına yazılmışdı, bu səsləri o, gecə yarısı işgəncə verilənlərin iniltilərini batırmaqdan ötrü işə salırdı; bu cəhənnəm qasırğası sübh çağının sel kimi tüğyan edir, özündən sonra, bir vaxtlar holland lunatiklərinin yaşadığı bu vahiməli dəlixananın binasına – cəza evinə düşən cavan gəlinlərin fatalarından badam ağaclarının budaqlarına ilişib qalan cır-cındırı vahiməli-vahiməli ağardırdı… Bəli, zat-aliləri, həyatlarını işgəncələr içində itirən insan iniltilərinin və lənətlərinin yuxusuzluğunun içinə dolmağından qorxur, öz işini yorulmadan görən bir adam haqda - Xose İqnasio Saens de la Barra haqqında israrla düşünürdü. Saens de la Barranın bircə nöqsanı vardı: o, zahiri parıltını sevirdi, sinəsi qəribə, monoqramlı ipək köynəklər, gözəl tikilişli, bahalı ayaqqabılar, xüsusi qutulara yığılmış diri qardeniyalar, etiketlərində şəcərə gerblər döydürülmüş fransız losyonları alır, qalan məsələlərdə isə özünə sərt qadağalar qoyurdu; məşuqəsi yox idi, lütfkar, arvadsifət oğlanlarla da maraqlanmırdı, dostu-filanı, hətta öz evi belə yox idi, möminlər kimi, dörd divarın arasında yaşayır, gecə-gündüz o qədər işləyirdi ki, axşamlar yorğunluqdan, iş otağındakı divana pallı-paltarlı sərilir, üç saatdan çox yatmırdı; qapısının ağzında onu qorumalı olan mühafizsiz, tapançasız, deyilənə görə, yediyi yeganə qida – başı bədənindən təzəcə ayrılan adamların isti bağırsaqlarını almayanda, az qala öz dərisini yırtıb çıxmağa hazır olan, ayıq-sayıq, yuxubilməz Lord Köxel qoruyurdu. Kiminsə kabinetə yaxınlaşdığını hiss edən köpək, həmin dəqiqə qaynar qazan kimi qaynayıb, dərhal sahibini oyadırdı; kabinetə sarı yaxınlaşanın kim olmağının heç bir fərqi yox idi: Saens, onsuz da heç kəsə inanmırdı, güzgüdə öz əksinə də şübhəylə baxırdı; bütün qərarları, heç kimlə məsləhətləşmədən, yalnız çoxsaylı casuslarının təqdimatlarını dinlədikdən sonra özü qəbul edirdi; ölkədə baş verən ən mənasız hadisə belə -, dünyanın hər hansı guşəsində ən adi qaçqının nəfəs alması da, Xose İqnasio Saens de la Barraya, gözəgörünməz hörümçək toru telləriylə bəlli olurdu; o, qorxu, şantaj və səxavətli rüşvətlər hesabına, az qala, bütün Yer kürəsini bu torun içinə salmışdı; düzdü, o səxavətliydi, amma dövlətin hesabına yox; öz işinə o qədər sədaqətliydi ki, xəbər gətirənləri, çox zaman öz puluyla mükafatlandırırdı; bu cür təmannasız xidmətlə tək bircə o məşğul deyildi; boşboğaz çərənçilər orda-burda pıçıldaşırdılar ki, guya onun muzdla tutduğu cəlladlar, xəfiyyələr və casuslar, camaatdan fantastik məbləğdə haqq aldıqlarına görə, hər cür cinayətə getməyə hazırdılar; bu adamların bir çoxu, öz xidmətinə görə haqq istəmirdi; bu adamlar, öz analarını belə şaqqalayıb, qanlı tikələrini donuzlara yedirdməyə hazır idilər, təki, bu könüllü halda yarındıqları xəfiyyənin diqqətini cəlb etsinlər; onlar, vəhşiliklərinə və kiçicik mərhəmət hissindən belə məhrum olduqlarına görə ad çıxarmış, fransız cəllad-rasionalistlərinin əlinin altında işləmək üçün, nümunəvi davranış barədə zəmanət məktubu və arayış əvəzinə, törətdikləri əclaflıqlar haqda sənədlər gətirirdilər; bu könüllü xəfiyyələr, cəlladlar, Sanesin dediyi kimi, həmin o «qanun çərçivəsində tərəqqi» söhbətini adi bir məsələyə çevirmişdilər; dondurma kafelərinin taxtapuşları altına uzanıb sərinləyənlər, çin restoranında qəzetləri gözdən keçirənlər, ucuz kinolarda mürgü vuranlar, avtobuslarda öz yerlərini hamilə qadınlara verənlər də onlar idi; elektrik və santexnik işləyənlər, həyatlarının yarısını paytaxt qanqsterləri və əyalət quldurlarıyla yanaşı yaşayanlar, okean laynerlərində, beynəlxalq barlarda işləyən qulluqçuların və fahişələrin təsadüfi ərləri də onlar idi; Qəraib cənnətinə ekskursiya təşkil edən Amerika turist agentlərinin əməkdaşları, Belçika xarici işlər nazirinin şəxsi katibi, bir sözlə, heç kəsin ağlına belə gətirə bilmədiyi, bir çox işlərlə yenə onlar məşğul idi; qiyamı yatırmağa kömək edənlər, təhlükəli adamları aradan götürənlər, həddən artıq çılğın və qətiyyətli beyinlərdə, hələ tam yetişməmiş sui-qəsdlərin üstünü açanlar da onlar idi. Onlar, öz işləriylə inamla, həyasız bir arxayınlıqla məşğul olurdular, sözün əsl mənasında, vətənpərvərlər isə əmin idilər ki, bütün bu əməllərdən prezidentin xəbəri yoxdu: «Əgər bilsəydiniz… ah, bircə bilsəydiniz, mənim generalım…» - deyə ürəklərində ona üz tutur, bütün bu dəhşətlər barədə söhbətləri dönə-dönə xatırlayır və uşaq sadəlövhlüyü ilə elə güman eləyirdilər ki, onların sözləri generalın qulağına çatsaydı, Saens de la Barra, çoxdan bu satqınları liman qalasının yanındakı qəbirstanlığa sürütləyərdi; odu ki, əsl vətənpərvərlərdən biri, nəhayət ki, özünü generalın yanına çatdırdı, bütün bunlar barədə cəsarətlə danışdı və sarsıldı… general ona diqqətlə qulaq asıb demişdi ki, qoy o sırğa eləyib qulağından assın ki, bu barədə heç vaxt heç nə bilməyib, bilmir və bilməyəcək, o, heç kəslə heç bir şey haqda danışmayıb; - bunları deyəndən sonra qoca, sınayıcı baxışlarla bir müddət həmin bu vətənpərvəri seyr edibmiş; bu məsələdən sonra qoca bir azca sakitləşmişdi, amma bu sakitlik çox az çəkdi; kəsilmiş başlarla dolu kisələr, bir ucdan saraya daxil olmaqda idi; - kisələr o qədər çoxalmışdı ki, daha Xose İqnasio Saens de la Barranın, bu qədər insan qanını, heç bir şəxsi məqsəd güdmədən, tökdüyünə inanmaq mümkün deyildi; qoşun komandirlərinin, öz miskin gücsüzlükləriylə belə asanlıqla barışmaları, məvaciblərinin qadırılmasını belə istəməmələri, ona lap məntiqsiz gəlirdə; hərbçilərin müəmmalı itaətkarlığının, üsyan etməmələrinin, bu cür azğın hərəkətlər edən bu adamın aradan götürülməsini tələb etməmələrinin əsl səbəbini öyrənmək üçün, hərbçilərin vəziyyətiylə daha yaxından tanış olamq qərarına gəldi; bir dəfə ən uzaqgörən, cəsur hərbçidən soruşdu ki, silahlı qüvvələrin ləyaqətini tapdalayan bu qaniçən lotunun başını bədənindən ayırmaq vaxtı hələ çatmayıbmı? Cavab onu təəccübləndirdi: «Ah, yox, mənim generalım, bir az şişirdirsiniz.» O vaxtdan bəri o, hər dəfə ona, lotereyalarla bağlı bədbəxt uşaqların taleyini xatırladan, bu ölüm qoxulu «qanun çərçivəsində Tərəqqi» adlı bic qurğuda, kimin kim tərəfində olduğunu, kimin kimə zidd olmasını heç cür ayırd edə bilmirdi; Xose İqnasio Saens de la Barra da ayıq-sayıq idi: hökmdarının qızğın həyəcanlarını təlimçi bacarığıyla yatırdırdı: «Rahat yatın, mənim generalım, dünya sizindi!» - deyə Saens tez-tez təkrarlaya-təkrarlaya generalı yenə inandırırdı ki, ona və yalnız ona məxsus olan bu dünyada hər şey çox sadə və aydındı və bu aydınlığı dəyişməyə dəyməz; odu ki, həyat öz axarıyla gedirdi; o, həmin qəbiristanlıq zülmətli kimsəsiz evində – möhtəşəm prezident sərdabəsinin qaranlıq dəhlizlərində vurnuxur, tez-tez bu vurnuxmadan bezir və ümidsizliklə özü-özünə: «Lənət şeytana, axı mən kiməm – insanam, yoxsa insanın güzgüdəki əksi? Əgər səhərin bu vədəsi, saat on birdə ətrafda ins-cins yoxdusa, onda mən kiməm? Bu kimsəsiz saray səhrasında Allahın dilsiz-ağızsız toyuğu belə yoxdu…» - deyə fikirləşir, sonra öz-özüylə danışa-danışa, şirin xatirələri – sübhün ala-toranlığından, yemək artıqları üstə itlərlə əlbəyaxa savaşan cüzamlı və iflic xəstələrin hay-küyü eşidilən dövrləri, camaatın, pilləkənlərə tökülüb-qalmış inək təzəklərinin üstüylə sürüşdüyü, uzaq-uzaq yerlərdən tökülüşüb gələn, kişili-qadınlı, saysız-hesabsız adamın, qarşısında diz çöküb, yaralarını sağaltmağı, uşaqlarını xaçlamağı, yaxud qarın ağrısından qurtarmağı xahiş edib, yalvaran günləri yadına saldı: «Əlinizi verin, mənim generalım, ürəyimə sakitlik gətirin – köksümə dolmuh bu qorxunc zəlzələni yalnız siz yatıra bilərsiz!» «Bir dənizə baxın, mənim generalım, qasırğalar təkcə sizin qarşınızda ram olur! Səmaya fikir verin, buludların pərdəsini yalnız siz yırta bilərsiz! Yerə diqqət edin, vəba, yalnız sizdən qorxur!» – deyirdilər. Hüzuruna can atan minlərlə adam, onun hər şeyə qadir olduğuna, küləyi belə, öz iradəsinə tabe etmək qabiliyyətinə, bütün Yer üzündə qayda-qanun yaradmaq qabiliyyətinə, lazım gələrsə, lap Allahın özüylə də baş-başa gələ bilmək qabiliyyətinə malik olduğuna qəti əmin idilər; o özü də yavaş-yavaş bu mövhumatçı inama qapılır, camaatın istəyini yerinə yetirə-yetirə, hər kəsə, imkan daxilində, onun istədiyini verir, ona təklif olunanları qəbul edirdi; çünki ona bu boyda fədakarlıqla inananları, onun əsl və uydurma əzəmətini tərənnüm edənləri, azca da olsa, sevindirməyə bilməzdi; amma indi bir kəs ondan, nə isə istəmirdi, heç adicə: «Sabahınız xeyir, mənim generalım! Necə yatmısız?» - deyən də yox idi. Pəncərə şüşələrini çilik-çilik edə-edə, ordunun canına vəlvələ salsa da, onu, hələ ki, sağ olduğuna inandıran gecə partlayışları da yox idi… sarayın, gecələr onu yatmağa qoymayan bu ölü sakitliyindən, o partlayışlar yaxşıydı; indi o, guya hakim-mütləq idi, amma divardakı kölgəsindən də gücsüzüydü; verdiyi, yaxud verməyə hazırlaşdığı bütün əmrlər, o, hələ ağzını açmağa macal tapmamış yerinə yetirilirdi; ağlına yenicə gələn gizli arzuları, artıq kiminsə tərəfindən icra olunurdu; siesta saatlarında adəti üzrə tor yelləncəyində uzana-uzana, oxuduğu rəsmi qəzetlər də bu barədə yazırdı. Yekə-yekə hərflər, onun hər addımı, havanı necə udması, bütün niyyətləri barədə bar-bar bağırırdı; şəkillərdə, onun tikdirmək niyyətində olduğu, lakin bu barədə əmr verməyi unutduğu körpü, uşaqlara, yalnız küçə süpürmək qaydaları öyrədilən məktəb və nəhayət, onun özünə də məlum olmayan nəyinsə təntənəli açılışında, sağmal inəyin və çörək ağacının yanında, ordenli, bərbəzəkli formasında lent kəsdiyi məqam həkk olunmuşdu; o, heç cür rahat olmur, iri, ağır ayaqlarını, kimsəsiz, boş otaqlar boyu qoca fil kimi sürüyə-sürüyə yeriyir, elə hey nəyi isə axtarır, nəyisə itirmək qorxusu canından əl çəkmirdi; otaqları gəzdikcə isə belə məlum olurdu ki, yenə kimsə quş qəfəslərinin üstünə tünd örtük çəkib; fermadakı inəkləri sayıb, bütün pəncərələrdən görünən dənizə baxdı: hər şey yerində və salamat idi deyə, çırağı əlinə alıb yataq otağına getdi, bir dəfə isə, dəhlizdə gəzişərkən, qəfildən prezident qvardiyasının qarovul otağında qulağına öz səsi gəldi; oğrun-oğrun ora boylananda, tüstüdən dumana bürünmüş otaqda, televizor ekranının tutqun işığı altında mürgüləyən bir qrup zabiti gördü; ekrandakı o özüydü, indikindən bir az arıq, səliqəli geyimdə: «Hər halda, bu mən idim, ana!»
Dövlət gerbinin qarşısında, üstündə üç cüt qızıl çərçivəli gözlük olan masa arxasında falçı arvadın dediyi – ölməli olduğu kabinetində oturmuşdu; əslində, heç vaxt dilinə gətirə bilmədiyi çətin elmi terminlərlə danışaraq, dövlət işlərinin analiziylə bağlı çıxış edirdi; bu mənzərə onu, bir vaxt gül-çiçək içində itib-batan meyitinin tamaşasına baxdığı andan daha çox həyəcanlandırdı: «Bu diri adam özüm idim, ana, utandığımdan, camaatın üzünə çıxa bilməyən, xalqın qarşısında çıxış etməkdən xoflanan adam, indi öz səsiylə danışırdı!.. Bu doğurçu, adi insan mən idim, ana! Bu möcüzənin nə demək olduğunu ha götür-qoy elədimsə də, bir şey anlamadım, yerimdəcə donub qaldım!» Həmin bu televizya verilişi, generalda böyük qəzəb partlayışı, rejimin sonsuz illəri ərzində yeganə narazılıq partlayışı oyatdı; Xose İqnasio Saens de la Barra, onun hüzurunda özünü soyuqqanlı aparırdı: «Şişirtməyə dəyməz, general - Xose İqnasio şirin səsiylə deyirdi - bu qanunsız yollara, qanun çərçivəsində tərəqqi adlı gəmimizi qəzadan qurtarmaq naminə əl atmalı olduq. Bu, ilahidən gələn buyruq idi, general, onun köməyilə də xalqın, canlı insanın hakimiyyətinə, sizin varlığınıza olan şübhələrini azalda bildik, general! Camaat bilməlidi ki, hər ayın son çərşənbəsi, siz hökumətin fəaliyyəti barədə məruzə edirsiz. Onlar bunu, dövlətin radio-televiziyasıyla eşidib-görməlidirlər. Axı, bu sayaq məruzələr ümumi qəm-qüssəni aradan qaldırır?!.. «Məsuliyyəti öz üzərimə götürürəm, general! Mikrafonlu günəbaxana oxşayan bu vazı bura mən qoymuşam. Bütün dedikləriniz, cümə günləri sizdən soruşduğum sualların cavabları bu mikrafonla yazılırdı. Verdiyiniz sadəlöhv cavabların, hər ay millətə olan müraciətlərinizin bir hissəsini təşkil etdiyi heç ağlınıza belə gəlmirdi! Amma onu da deyim ki, sizin əvəzinizə, özgəsinin şəkli istifadə olunan kadrlarda, demədiyiniz sözlərdən istifadə olunmayıb. Buna özünüz də əmin ola bilərsiz: bu da kino-lentləri və qrammofon yazısı olan vallar!» Xose İqnasio Saens de la Barra, kino lentlərini və valları, bir də gördüyü işlərin siyahısı yazılmış vərəqi stolun üstünə qoydu: «General, bu vərəqi elə yanınızda imzalayıram ki, taleyimi istədiyiniz kimi həll edəsiz!» O, gözlərini heyrətlə Xose İqnasio Saens de la Barraya zillədi və birdən-birə anladı ki, Xose İqnasio onun yanına, ilk dəfədi ki, köpəksiz, silahsız, ölü kimi solğun sifətdə gəlib… ah çəkib: «Yaxşı, Naço, vəzifənizi icra edin.» - dedi və həmişəkindən bir az da qoca, hədsiz yorğun vəziyyətdə, yumşaq kreslosuna yayxanıb, şəkillərdəki qəhərəmanın satqın gözlərinə baxmağa başladı; qoca qəmli və tutqun idi, sifətində, müəmmalı niyyətlərinin əbədi ifadəsi donub qalmışdı; həmin bu daşlaşmış ifadəni, Xose İqnasio Saens de la Barra iki həftə sonra - öz dobermanını zorla sürüyə-sürüyə, onun kabinetinə, təqdimatsız-filansız girəndə gördü: «Mühüm xəbər var, əla həzrətləri! Silahlı üsyan hazırlanır! Bunun qabağını ancaq siz ala bilərsiz!»
General axır ki, uzun illərdən bəri bu divar kimi yarılmaz adamın, cadügar qəlbi kimi, sirli qəlbində aradığı kiçik çatı gördü: «Anam mənim, Bendisyon Alvarado… bu bədbəxt-qurumsaq qorxusundan ölür ki!» - deyə ürəyində fikirləşdisə də, içindəkini biruzə vermədən, Saens de la Barranı nəvazişlə qarşıladı və: «Narahat olmayın, Naço, vaxtımız çoxdu hələ, bizə, bu qarmaqarışıq xəbərlərin içindən, əsl həqiqəti tapmağa mane olan yoxdu!» - dedi. Bunu eşidən Saens de la Barra, cib saatına baxıb: «Yeddiyə az qalıb, general! Bu dəqiqə qoşun komandirləri öz evlərində, arvad-uşaqlarıyla şam yeməyini başa vururlar, şam yeməyini evdə yeyirlər ki, evdəkilər də heç nədən şübhələnməsin; onlar evlərinin arxa qapısından, adi geyimdə, mühafizəçisiz-filansız çıxıb, onları qapılarının ağzında gözləyən xidməti avtomobilə minəcəklər; bu maşınları onlar, onları izləyəcək adamlarımızı çaşdırmaq üçün, teleyfonla çağırtdırıblar. Onların sürücüləri bizim adamlardı, general, amma bu, onların ağıllarına da gəlmir!» «Aha! – general gülümsədi. – Belə həyəcanlanmaq lazım deyil, Naço! Bir məni yaxşı-yaxşı başa salın görüm, kəsdiyiniz başların reyestrinə əsasən, belə çıxır ki, düşmənlərimizin sayı, əsgərlərdən çoxdu, əgər belədisə, onda necə olub ki, siz indiyə qədər sağ-salamat qalmısız?» Saens de la Barra isə cib saatının zəif çıqqıltılarına qulaq asırdı, çünki həyatı bu dəqiqə bu çıqqıltılarından asılıydı: «Üç saatdan az qalıb, general! Piyada qoşunlarının komandiri, indi Kondedəki kazarmalara, hərbi dəniz qüvvələri komandiri, liman qalasına, hava donanması komandiri isə San-Xeronimo bazasına yola düşür. Onları hələ ki, ələ keçirmək olar. Komandirlərin ardınca, tərəvəz furqonu cildində, milli təhlükəsizlik furqonları düşüb». Generalın əhvalı bu sözdən sonra da dəyişmədi; general hiss edirdi ki, Xose İqnasio Saens de la Barranın get-gedə artan bu həyəcanı onu, bu adamın, ağır yükə çevrilmiş xidmətindən - onun hakimiyyətpərəstlik yükündən də ağır olan xidmətindən azad edir. «Sakit olun, Naço, - o dedi - sakit olun və məni başa salın ki, niyə siz, özünüzə gəmi boyda nəhəng bir mülk almırsız? Əgər sizi pul maraqlandırmırsa, onda niyə gecə-gündüz uzunqulaq kimi işləyirsiz? Niyə əsgər kimi, kazarmada yaşayırsız, axı, ən əxlaqlı qadınlar belə, sizinlə bir yataqda yatmaqdan ötrü sinov gedir. Nədi bu, Naço, siz monarxlardan da müqəddəssiz?» Xose İqnasio Saens de la Barra isə boğulurdu, bədənini buz kimi soyuq tər basırdı, otağın, kremasiya sobası kimi cəhənnəm alovlu, onun soyuqqanlılıq maskasını əridib tərlədirdi. «Saat on birdi, - o dedi – fürsət əldən çıxdı! Bu dəqiqə onlar, bütün ölkə boyu qiyam qaldırmaq üçün şərti siqnalları teleqrafla bütün qarnizonlara ötürürlər!» Həmin vaxt həqiqətən, qiyamçı generallar, hakimiyyətə gələcək xunta üçün şəkil çəkdirməyə hazırlaşır, ordenlərini parad mundirlərinə taxır, generalların yavərləri, bu rəqibsiz döyüşdə onların adından son əmrləri verirdilər; döyüş əməliyyatları onunla nəticələndi ki, ordu, rabitə mərkəzi və mühüm hökumət binaları üzərində öz nəzarətini bərqərar etdi. Prezidentin otağında isə, əla həzrətləri gözünü qırpmağa macal tapmamış, məxmər dərili Lord Köxel, təhlükə duyub, əzələləri titrəyə-titrəyə, ağzının suyu süzülə-süzülə döşəmədən qalxdı. «Qorxmayın, Naço, - general dedi, - yaxşısı budu, başa salın görək, niyə ölümdən bu qədər qorxursuz?» Xose İqnasio Saens de la Barra, tərdən islanmış sellüloid boyunluğunu çəkib qopartdısa da, daşa dönmüş bariton müğənnisi sifətini dəyişə bilmədi. «Bu, təbiidi, ölümqabağı xof - xoşbəxt həyatdan miras qalan közərmiş kömürdü. Bu hiss, sizin üçün əlçatmazdı, odu ki, onu duya bilməzsiz, general!» - o dedi və adəti üzrə, kilsə zənginin zərbələrini sayıb ayağa qalxdı: «On iki! Hər şey bitdi! Bu dünyada sizə sadiq olan daha heç kəs qalmadı! Mən sonuncuydum, general!» Lakin general, de Armas meydanı boyu irəliləyən ağır tankların səsindən titrəyən yerin gurultusunu eşidənəcən, kreslosundan tərpənmədi, tankların uğultusu eşidiləndə isə: «Səhviniz var, Naço, mənim xalqım var.» - deyib gülümsündü.
Bu, həqiqətən də beləydi! Onun hələ xalqı vardı… yenilməz qocanın gizli planıyla, sübh çağından xeyli əvvəl küçələrə çıxan yoxsul, sədaqətli xalqı; o, dövlət radio və televiziyasıyla bütün xalqa - siyasi əqidəsindən asılı olmayaraq, bütün vətənpərvərlərə həyəcanla müraciət edib bilirdi ki, şəxsi əmriylə, xalqın suveren iradəsini ifadə edən bütün qoşun dəstələri, rejimin qüdrətli ideallarından ruhlanaraq, həmişəki kimi, kütlələrin haqlı qəzəbinə gəlmiş bu qanahəris adamın terror maşınını, bu tarixi gecə birdəfəlik darmadağın etmişlər!»; bu adamı xalq özü mühakimə edib cəzalandırdı. «Siz, əlləri qana batmış bu cəlladın, əcnəbi səfirliklərin heç birində gizlənə bilməməsi, siyasi sığınacaq istəməməsi üçün, uzaqgörənlik edib bizə, səfirliklər olan rayonu mühasirəyə almaq əmrini verəndə, mənim generalım, Xose İqnasio Saens de la Barra, sizin bir vaxt dediyniz kimi, de Armas meydandakı fənərdən - cinsi orqanı ağzında, ayaqlarından başıaşağı asıldı. Asılmamışdan qabaq camaat onu daşa basdı, amma bundan əvvəl biz, dörd mülki adamın içalatını yeyib-tökən, dörd əsgəri ölümcül dişləyən yırtıcı köpəyi güllələyib, aşsüzənə döndərməli olduq; bütün bunlar, bu yaramaz cəlladın iqamətgahına hücum zamanı baş verdi. Camaat onun pəncərələrindən, iki yüzdən çox, etiketli zərxaralı, təptəzə jilet, geyilməmiş üç min italyan ayaqqabısı… üç min, mənim generalım, dövlətin pulunu gör bir, bu nəyə xərcləyirmiş!.. Allah bilir, nə qədər qardeniya qutusu, axı onun ilgəklərində həmişə təzə qardeniya olurdu… və Bruknerin bütün vallarını bayıra tulladı. Sonra adamlar, zirzəmiləri açıb dustaqları çölə buraxdılar, «Generala eşq olsun, yaşasın əsl kişi! Yaşasın həqiqəti üzə çıxaran!» - deyə hamı qışqıra-qışqıra, keçmiş holland dəlixanasının işgəncə kameralarını yandırdılar… axı, hamı elə bilirdi ki, siz heç nə bilmirdiz, mənim generalım, ürəyiyumşaqlığınızdan, təhlükəsizlik xidmətinin xəbis cəlladları istifadə ediblər. Üsyan vaxtı onları, siçovulları tutan kimi tutduq, mənim generalım, sizin köməyinizlə tutduq, çünki, təhlükəsizlik xidmətinin uzun sürən hökmranlığı zamanı, camaatın üst-üstə yığılan nifrətini üzə çıxarmaq üçün, onların hər hansı müdafiə və mühafizədən məhrum olunması əmrini də siz verdiniz, mənim generalım.»
O, xalqın bütün hərəkətlərini bəyəndi – «Razıyam!» - Ona minnətdarlıq edən camaatın istiqlal nəğmələrindən, şadyanalıqla çalınan zəng səslərindən və sevincək hay-küylərdən kövrəldi; de Armas meydanına toplaşan adamların əllərində iri transparantlar vardı; «İlahi, bizi terror zülmətindən qurtaran dahilər dahisini hifz et!» Zəng sədaları və camaatın uğultusu ona, çoxdankı, xoş xatirələri xatırlatdı. Bu, həmin o gözəl illərin efemer əks-sədası idi; o, bu səslərə, uğultuya qulaq asa-asa, hakimiyyət daxilində yaranan katorqa zəncirlərini qırmaqda ona kömək etmiş zabit kadrlarını öz patiosuna yığdı, barmağının bircə işarəsiylə, gücdən düşmüş rejiminin son ali komandanlığını bu zabitlərdən təşkil etdi. Onlar, Letisiya Nasarenonun və uşağının qatillərini – siyasi sığınacaq almağa çalışarkən, əcnəbi səfirliklərin qapılarındaca, alt paltarında tutulan generalları əvəz etdilər. İndi o, onların heç birini xatırlamırdı, adlarını da unutmuşdu; ən əsası isə o idi ki, ölənəcən ürəyində saxlamaq istədiyi qəzəbin közünü axtararkən, alçaq xudbinliyinin külündən savayı heç nə tapa bilmədi. Bu külü üfürüb alovlandırmağa dəyməzdi: «Qoy rədd olsunlar!» - deyə əmr verdi. Qatil generalları gəmiyə mindirdilər və gəmi elə bir yerə yön aldı ki, orda onlar heç kimə lazım deyildilər, orda bu bədbəxt qurumsaqlar heç kəsin yadına belə düşməyəcəkdilər. O, yeni hökumətin ilk iclasını – yeni əsrin yeni nəslinin bütün bu say-seçmə nümunələrinin, əvvəlki tozlu sürtuklu, süst mülki nazirlərindən ibarət olduğunu həmin dəqiqə hiss edərək, bu yenilərin, əvvəlkilərindən daha şöhrəstpərəst, daha qorxaq və yaltaq, daha faydasız və yararsız oldğunu anlayaraq, ciddi məsuliyyət hissi ilə aparırdı. Matəm içində olan ölkənin xarici borcları, satılası hər bir şeyin dəyərinin qiymətini ötüb keçmişdi. «Sonunucu qatar, arandan keçən dəmir yolundan uçuruma, səhləb çiçəklərinin arasına yuvarlanıb, mənim generalım, indi onun yumşaq oturacaqlarında bəbirlər mürgüləyir. Nuh əyyamından qalma təkərli gəminin sınıqları, çəltik zəmilərinə dağılıb. Məktublar, gəminin apardığı poçt kisələrində çürüyüb. Bir cüt Steller inəyi* prezident kayutunun güzgüləri arasında məzələnməkdədi. Sizinsə bundan xəbəriniz yoxdu, mənim generalım! Əlbəttə, qanun çərçivəsində Tərəqqiyə inanmaq, sizinçün cəmi bir nüsxə tirajla çap olunan bu qəzetdə, sizi cazibə və həzz dünyasına – bu adi, zəhlətökən siestadan fərqli aləmə aparan sərfəli xəbərlər, xoşunuza gələn foto şəkillər, reklam və elanlar da dərc olunub!»
«Mən, heç nəyə inanmayan bu gözlərimlə, nazirlik binalarının möhtəşəm parıltısı arxasında, həmin limanın - təpələr boyu sıralanan alabəzək, zənci komalarının gizləndiyini, dənizin sahilə çıxaraq, bulvar boyu əkilmiş palma və eyvanları bir-birinə oxşayan, klassik üslublu, yalançı mülkləri, saysız-hesabsız qasırğalarla dağıdıb tökdüyü xaraba məhəllələri görməsəydim, prezident vaqonunun pəncərəsindən gördüyüm dünyanı mənə, anam Bendisyon Alvaradonun bir-birinə oxşayan boz quşcuğazlarını rənglədiyi akvarel boyaları kimi bu cür alabəzək göstərməkçün, dəmir yolunun hər iki tərəfi boyu uzanan gül-çiçəklərin doğruçu olduğuna inana bilməzdim!» Yeni əyanları, bir vaxt general Rodriqo de Aqiların elədiyi kimi ona yarınmaq məqsədilə, yaxud Letisiya Nasareno kimi, sevgidən çox, rəhmdillikdən, yaxud onu artıq narahatçılıqdan qurtarmaq, əslində isə sonradan onu öz hakimiyyətinin quluna çevirmək məqsədilə aldatmırdılar; hər şey, illüziya və yalan idi, hətta məktəbli qızların xoru, onların yaşıl ağaca qonan çopur quşcuğaz haqqında oxuduqları mahnı da saxtaydı; bir sözlə, doğruçu olan bir şey yox idi. Bu, həyat deyil, Allah bilir nədi! O, dövlətin çiçəklənməsi naminə, ölkənin, kinə və başqa dərmanlar istehsal edən müəssisələrinin bərpası haqda dekret imzaladı və bütün yalanları unutmağa, reallıqla barışmağa çalışdı, reallıq isə onun gözləmədiyi süprizlərlə dolu idi; dünyanın bu qədər dəyişdiyi, həyatda ona tabe olmayan nəyinsə olduğu ağlına belə gəlməzdi. «Sənayemizi necə dirçəldək, mənim generalım, axı, yalnız sizin, səmərəsiz yerə dağıdılan saysız-hesabsız, şəxsi sərvətlərinizdən savayı nə kinə ağacımız, nə kakaomuz, nə indiqomuz, nə də ayrı bir şeyimiz qalmayıb! O bu məqamda da özünü itirmədi, qoca səfir Rauksberiyə kəskin mətnli bir məktub göndərdi ki, bəlkə səfir, domino oyunu ərəfəsində, xilas üçün, heç olmasa, bir şey tapa; səfir də ona, elə onun üslubunda cavab verdi: «Heç nə eləyə bilməyəcəksiz, zat aliləri! Dənizi çıxmaqla, bu ölkə qara qəpiyə də dəyməz. Dəniziniz o qədər şəffaf və iştah açandı ki, bütün dünyanı doyura biləcək xərçəng şorbası bişirmək üçün bircə, altını odlamamaq qalır. Bax belə, zat aliləri, odu ki, fikirləşin, borclarınızın əvəzinə, dənizi qəbul etməyə hazırıq, yoxsa borclarınızı, sizin kimi, zat aliləri, işgüzar qəhərəmanların heç yüz nəsli də ödəyə bilməyəcək!»
O, Rauksberinin təklifini ciddi qəbul etmədi, onu pilləkənəcən ötürə-ötürə, öz-özünə: «Anam, Bendisyon Alvarado, bax bir gör, bu qrinqolar necə vəhşidilər! – deyə fikirləşdi. – Bunların beynində bircə şey var, necə olursa-olsun, dənizi həzm-rabedən keçirtmək.» O, qonaqla adəti üzrə, onun çiynini şappıldada-şappıldada ayrıldı, yenə tək-tənha xəyallar dumanına qərq oldu, xəyalən yaylaqların dumanlıqlarına üz qoydu, azmış adamlar kimi, dörd bir yanı bomboş sarayda dolaşdı; camaat isə artıq de Armas meydanını boşaltmışdı, standart plakatları özləriylə aparmış, hökumətin verdiyi trafaret şüarları gizləmişdi ki, bir də belə bir hadisəyə bənzər nə isə baş verəndə, istifadə etsinlər. Camaat, əsgərlər çəpiklərə ara veriləndə, payladıqları pulsuz yemək-içmək bitən kimi çıxıb getdi; indi, təkcə de Armas meydanı yox, onun, hər bir kəsin, istədiyi vaxt içəri girə bilməsi üçün qapıları açıq qoymağı əmr etməsinə baxmayaraq, sarayın özü də bom-boş idi; bir vaxtlarsa, bura hamının eviydi, daha indiki kimi dəfn kontoruna oxşamırdı. Bir də ki, lap elə də tək deyildi; cüzamlı xəstələri, ifliclər, korlar – bir sözlə, uzun illərini iqamətgahın divarları dibində yola salanlar – Yerusəlim darvazalarının önündə, günün altında qaralan Demetrio Aldousun, bu çarəsiz xəstələrin bura qayıtdığını sanki gözləriylə gördüyü kimi geri qayıtmışdılar; onlar bilirdilər ki, taleyin bütun zərbələrini dadan, ən sərt ehtiraslara əyilməyən, unutqanlığın ən məkrli tələlərindən, ölməz olduğuna görə yaxasını qurtaran bu adamın əlindən şəfa duzu istəyəcəklər. Hə, Demetrio Aldousun təsəvvürünə gətirdikləri düz çıxdı; səhər sağımından sonra fermadan qayıdarkən, general, bütün bu məsləkdaşlarını yenidən gördü; onlar kərpiclərdən ocağabənzər nə isə düzəldərək, konserv qablarında özlərinə zir-zibildən nahar hazırlayırdılar; bütün patio onlarla doluydu; yara-xoralılar, yaralarının şirəsindən üzülüb cırılan həsirlərini ətirli qızılgül kollarının altına sərib, əlləri qoyunlarında uzanmışdılar; onlara yemək hazırlamaqdan ötrü əməlli-başlı ocaq çatmağı tapşırdı, təzə həsirlər aldı; xəstələrin iqamətgaha daxil oması üçün pationun içəri hissəsində palma yarpaqlarından talvar hazırlamağı tapşırdı; amma xeyri yox idi, yenə elə bir gün olmurdu ki, gah bu cüzamlını, gah o birini, İran xalçalarının üstündən durquzmasınlar, ya hansısa kor, sarayın içində azıb qalmasın, ifliclərdən biri, pilləkənlərdən yumalanıb ölümcül əzilməsin; o, cüzamlıların, içəri girərkən, divarlara söykənə-söykənə, öz irin və qan ləkələrini ora-bura yaxmaması üçün qapıları bağlamağı əmr etdi; saray əyyaşlarının, karbol turşusu iyi verməsini qadağan etməsinə baxmayaraq, sanitar xidməti binaya, həmin o turşudan səpdi; xidmətçilər, cüzamlıları, korları və iflicləri, bir ucdan hey qovur, onlar isə elə hey iqamətgaha, saray otaqlarına soxulurdular; görünür, onları bura yenə, artıq heç kimin heç nə umub gözləmədiyi köməksiz qocanın ecazkar sovqatlarıyla şəfa tapacaqlarına olan yenilməz, qədim, vəhşi bir inam sürükləyirdi. Qoca, yuxulu adamalarsayağı, öz xatirələr bataqlığında veyillənir, hara gəldi dürtdüyü yaddaş kağızlarının köməyilə, haraya gedəcəyini əl havasına tapır, tor yelləncəyində keçirdiyi saatlarda, yeni səfir Fişerdən yaxasını necə qurtarmaq barədə düşünürdü; səfir, ölkədə sarı qızdırma epidemiyasının başlandığının elan edilməsini tələb edirdi; səfirin təkidi, əslində – öz ölkəsinin gəmiləriylə, buranın ərazisinə dəniz piyadalarının yeridilməs üçün bir bahanə idi; qarşılıqlı yardım müqaviləsinə görə, dəniz piyadaları qeyri-müəyyən müddətə - can verən ölkəmizə yeni nəfəs gələnəcən burada qalmalıydılar. O, nə edəcəyini götür-qoy edir, yadına, rejimin ilk illərini salır və xatırlayırdı ki, o vaxt o epidemiyaya əsaslanaraq, öz üzərinə bütün fövqəladə səlahiyyətləri götürmüşdü, xalq kütlələrinin təlatümündən yaranan ciddi təhlükəyə cavab olaraq, hərbi qanunları tətbiq etmişdi. Lakin onda o, ölkədə sarı qızdırma yox, taun olduğunu elan etmiş, mayakın üstündə sarı bayraq qaldırılmış, liman bağlanmış, istirahət günləri ləğv edilmiş, ölənlər üçün elliklə göz yaşı tökmək, dəfn zamanı hüznlü marşlar səsləndirmək qadağan edilmişdi; prezidentin fövqəladə tapşırıqlarının icrasını təmin eləməyə cəlb olunmuş silahlı qüvvələr, yoluxmuş adamlarla istədiklərini etmək hüququ qazanmışdılar; qollarında sanitar sarğısı olan əsgərlər, müxtəlif mövqeli adamları kütləvi şəkildə qətlə yetirir, rejimdən narazılıqda şübhələndikləri sakinlərin mənzillərinin qapılarına qırmızı dairələr cızır, cinayətkarların, kişisifət lesbiyankaların və narkomanların alınlarını, mal-qaranı nişanlayan tək, işarələyir; səfir Mitçelin təkidiylə gələn sanitar missiyası, prezident sarayı sakinlərini tauna yoluxmaqdan xilas etməklə məşğul olurdu; missiyanın üzvləri, döşəmənin zir-zibilini analiz adıyla yığıb, onu lupayla tədqiq edir, su qablarına dezinfeksiya həbləri atır, laboratoriya heyvanlarına, hansısa ürəkbulandırıcı horra yedizdirirdilər, generalsa, gülməkdən uğunub, tərcüməçiylə onlara: «Axmaqlıq eləməyin, canablar, burda sizdən başqa xəstə-filan yoxdu!» - deyirdi. Onlarsa: «Yox-yox, var, zat aliləri! Yuxarıdan əmr almışıq ki, var. Əmr almışıq ki, olmalıdır!» - deyirdilər. Onlar, nə isə yaşıl rəngli, balaoxşar, müalicəvi məhlul hazırlayıb bu zəhrimardan, bir ucdan, sarayın bütün sakinlərinin – üzlərinə belə baxmadan, hamının – ən arıqların və ən adlı-sanlıların bədənlərinə yaxırdılar; prezidentin qəbuluna gələnlər, hamılıqla müəyyən məsafəyə riayət etməliydilər; o, salonun elə bir küncündə otururdu ki, qəbula gələnlərin bura nəfəsi yox, ancaq səsləri çatırdı; o, burda, yüksək rütbəli çılpaq adamlarla işgüzar məsələləri ucadan qışqıra-qışqıra müzakirə edirdi; kandarda dayanan adamlarsa bir əllərini ona uzadıb: «Zat aliləri» - deyir, o biri əlləriylə iyrənc maz yaxılmış sallaq üzvlərini örtməyə çalışırdılar; bütün bunlar – yuxusuzluqdan əziyyət çəkdiyindən uydurduğu yoluxucu xəstəlik fəlakətinin gedişini, bütün xırdalıqlarına qədər işləyib quran, camaatın canına vəlvələ salan şayiələr buraxdıra-buraxdıra, «camaat az anladıqca, çox qorxacaq» əqidəsinə əsaslanaraq, onları, öz axır-zaman peyğəmbərliyinə inanmağa məcbur edən bu adamı xəstəlikdən qorumaqçun idi. Odu ki, qorxudan rəngi, meyit rəngi alan yavərlərindən biri ona: «Mənim generalım, əhali arasında taundan ölənlərin sayı yaman çoxdu.» - deyə məlumat verəndə, onun qaşının ucu belə tərpənmədi. Prezident karetinin tutqun şüşələrindən, bomboş, adamsız küçələri, onun əmriylə dayanıb-dondurulmuş zaman deyilən mənzərəni, ölü kimi sallanan bayraqları gördü; qırmızı dairəylə nişanlanmış evlərin qapıları möhkəm mıxlanmışdı; evlərin pəncərələrinə qonmuş tox quzğunları, bir də həlak olanları, həlak olanları və yenə həlak olanları gördü... Dörd bir tərəf, adam cəsədləri ilə dolu idi, o qədər cəsəd vardı ki, saymaqla qurtarmazdı; meyitlər, üfunətli bataqlıqlarda da gözə dəyirdi, günəşin şüası düşən səkilərdə bir-birinin üstünə qalanmış meyitlər, bazarın tən ortasında, tərəvəzin arasındaca çürüyürdü; meyitlərin sayı heç kimə məlum deyildi, hər halda, onun, güman olunan düşmənlərinin sayından çox idi, onun görmək istədiyindən xeyli çox idi; bir çoxunu, gəbərmiş köpək kimi zibil yeşiklərinə tullamışdılar; o, qoturluq qoxusunu – əsl taun qoxusunu, çürüyən meyitlərin üfunətindən, küçələrin həmişəki, başgicəlləndirən üfunəti içindən yaxşı duyurdusa da, yenə özünü, hadisələrin mütləq sahibi, sahibi-mütləq hiss edənəcən, bu dəhşətli fəlakəti dayandırmağı, bütün bunlara son qoymağı tələb edən yalvarışları eşitmirdi, geriyə çəkilmirdi və yalnız bu qanlı qırğını dayandırmağa, nə bəndənin, nə də Allahın qüdrəti çatmadığı bilinəndə, küçələrdə naməlum karet göründü: bunun, buz kimi qorxunc hakimiyyət kareti olmasına əvvəlcə heç kəs fikir vermədi; içərisi, qara, matəm məxmərli karetin pəncərəsindən donuq gözlər, nazik, əsəbi dodaqlar, bir də evlərin qapılarına bir çimdik duz atan ağ əlcəkli əl görünürdü; biz, qardeniya cəngəlliklərinin arasıyla, bəbirləri hzürküdə-hürküdə şütüyən, sanki dırnağı üstə ucqar dağ kəndlərinə dırmanan, milli bayraq rəngli qatarı gördük; vaqonun pərdəsi arxasından görünən tutqun gözləri, yaslı çöhrəni, artıq heç bir həyat əlaməti olmayan əli gördük; qramafonun şux mazurkalar yağdıra-yağdıra qumsal dayazlıqların, meşəni böyrü üstə yıxan bahar selinin qırıb tökdüyü ağac yığnaqları arasıyla güc-bəlayla irəliləyən, Nuh əyyamından qalma, təkərli paraxodu gördük; prezident kayutunun pəncərəsindən biz, qürub günəşi kimi sönmüş gözləri, solğun dodaqları, susuzluqdan inildəyən kəndlərə bir çimdik şəfa duzu səpən bu əlin, ancaq bir barmağanı gördük; bu düzü dadanlar, yaxud, duzlu yeri yalayanlar, dərhal sağalır, min bir xəstəlikdən, gözdəymədən, bir sözlə, bütün dərd-bəladan uzaq olurdular.
İndi - axır günlərinin yaxınlaşdığı bir vaxtda o, yenə, həmin işlənmiş, köhnə, saxta bəhanələrlə ölkənin yenidən işğalına razılıq vermək təkliflərinə təəccüblənmədi, amma: «Qoyun, dəniz piyadaları qayıtsın, general, qoy onlar, insan ömrünü yüz iləcən uzadan, ağ binalı xəstəxanaların önündəki yaşıl çəmənliklərə pestisid səpən fəvvarəli maşınlarla gəlsinlər. Qoyun, gəlib, nə istəyirlər götürsünlər!» - deyən sarsaq nazirlərin gətirdiyi dəlil-sübutları rədd etdi; səfir Mak-Kuin onun düz gözünün içinə: «Bundan sonrakı mübahisələrin xeyri yoxdu, zat aliləri, sizin rejim - vədlər, nifrət, hətta terror üzərində də yox, köhnəlmiş ətalət üzərində dayanıb və gündən-günə, qarşısıalınmaz bir şəkildə dağılır, zat-aliləri, yaxşısı budu, küçələrə çıxıb, həqiqətin gözünə baxasız, bu, sizin sonuncu döngədəsiniz – ya dəniz piyadaları gəlməlidi, ya da biz, dənizi götürəcəyik, başqa çıxış yolu yoxdu.» – deyənəcən, o, yumruğunu masaya çırpır, heç cür buna razı olmurdu. – «Ayrı yol yoxuydu, ana, onlar Qəraib dənizini özlərinə götürdülər!»
Səfir Euinqin mühəndisləri dənizi hissə-hissə böldülər, sonra hissələri, bizim fırtınalardan uzaqlarda - Arizona səması altında yığmaq üçün nömrələdilər və dənizi, mənim generalım, bütün nemətləriylə bir, şəhərlərimizin əksi düşən sularıyla, dəlisov sellərimiz və suda boğulanlarımızqarışıq apardılar. O, bu soyğunçuluğa qarşı milli etiraz partlayışı yaratmaq üçün, öz zəngin biclik kolleksiyasının hansı incə klavişinə toxundusa da, küçələrə, bağışlayın, mənim generalım, heç kəs çıxmadı, nə hədə-qorxunun, nə zor işlətməyin xeyri olmadı; - bunun, yenə hakim dairənin arzusuyla həyata keçirildiyi, növbəti, sıravi manevr olduğu ağlımıza belə gəlməzdi; qoy nə olur-olsun, lap dənizi aparsınlar, cəhənnəmə ki, qoy əjdaha gerbli milli bayrağı olan bu ölkəni zəbt eləsinlər! - biz fikirləşirdik, mülki geyimlərdə evlərimizə gəlib, bu soyğunçuluğun qabağını almaq üçün bizdən, vətən naminə küçələrə çıxmağı, «Rədd olsun, qrinqolar!» - deyə ucadan qışqırmağı yalvaran hərbiçilərə, onların öyüd-nəsihətlərinə, yaltaq sözlərinə qarşı kar olmuşduq; həmin bu adamlar da bizi, yadellilərin dükanlarını, villalarını qarət etməyə, yandırmağa çağırır, pul verirdilər ki, orduyla əlbir olub, onun mühafizəsi altında hərbi təcavüzə qarşı nümayişə çıxaq; küçələrə isə bir adam da çıxmadı, mənim generalım, çünki camaat, hərbçilərin, bir vaxtlar kişi kimi söz verib sonra, guya xalq arasına soxulmuş təxribatçıların hərbi bölmələrə atəş açması bəhanəsiylə adamları güllələməsini unutmamışdı: «Bəli, mənim generalım, bu dəfə xalq sizinlə deyil».
«Və mən, bu ağır qərarı qəbul etmək yükünü öz üzərimə götürməli oldum: ölkəyə desant yeridilməsindənsə, anam mənim, Bendisyon Alvarado, dənizsiz qalmağın daha məqsədəuyğun olduğunu hamıdan gözəl anlayan adam kimi, bu aktı imzaladım. Axı, özlərindən gündə bir əmr toqquşduran, həmin bu dəniz piyadalarıydı, ölkəyə bibliyanı və sifilisi gətirən də onlar idi, artistləri pederasda çevirən də, həyatın asan olduğunu, anacan, hər şeyin satılıb-alındığını, zəncirlərin iy verdiyini də camaatın beyninə yeridən onlar idi. Əsgərlərimi, harada çox pul varsa, oranın vətən olmasına, hökümətin, qoşunların pulsuz döyüşməsi üçün, «Hərbi şərəf» adlı boş bir mükafat uydurduğunu başa salan da onlar idi. Və bütün bunlar təkrar olunmasın deyə, onlara, ərazi sularımızdan, bəşəriyyətin maraqları və xalqlar arasında sülhün yaradılması çərçivəsində istədikləri kimi istifadə etmək hüququ verdim!»
O, təkcə yataq otağının pəncərəsindən üfüqəcən görünən fiziki suları yox, bu suların fauna və florasını, küləklər rejimini və atmosferini, sonuncu millibarına* qədər, bütün hava şıltaqlıqlaryla bir verdi; onların sonradan neyləyəcəkləri isə onun ağlına belə gəlməmişdi; onlar, bizim qədim dənizimizin, şahmat lövhəsisayağı nömrələnmiş ləpələrini nəhəng nasoslarla, şlüzlərə çəkib apardılar deyə, dənizin, sönmüş vulkanlarla dolu dibi üzə çıxdı və biz, nəhəng kraterlərdən birində, dənizin nə vaxtsa qəfildən udduğu şəhərin, qədim Santa-Mariya-del-Darienin xarabalıqlarına rast gəldik. Sonra bütün dəniz və okeanların dahi admiralının flaqman gəmisini gördük: «Mən onu eləcə, pəncərəmdən görmüşdüm, ana!» - gəmi, hələ tarixi gəmi qəzasına müvafiq status verilməmişdən əvvəl - bir vaxt bombaların qoparıb yerin dibindən çıxardığı mərcanların arasında lişib qalmışdı. Onlar, onun hökmranlığının əsasını təşkil edən, müharibələrinin mənası olan hər şeyi apardılar; özlərindən sonra bircə, Ay səhralığına oxşar qupquru düzəngah qoydular; o, pəncərələrin qabağından keçdikcə bu müdhiş mənzərənin seyrinə dalır, içini çəkib köks ötürürdü: «Anam Bendisyon Alvarado, öz müdrikliyinin işığıyla qoru məni!» O, yatdığı yerdə, vətən uğrunda həlak olanların, bir gün qəbirlərdən qalxıb, satılmış dənizə görə ondan haqq-hesab tələb edəcəkləri fikri ilə yuxudan dəhşət içində dik atılırdı. Yuxuda, onların, divarlar boyu sürünə-sürünə üzüyuxarı dırmaşmaqlarını, o biri dünyadan gələn boğuq səslərini aydınca eşidir, açar dərinliyindən, bataqlığa çökən kimi, saray divarlarının dibiylə sürüdüyü nəhəng kələz ayaqlarına dikilən baxışlar altında, bir vaxtlar səfir Ebergeytin ona bağışladığı, dəniz küləklərini əvəz edən xüsusi külək maşınlarının passat və mistral küləkləri altında otaqlarda gəzişir, qayanın zirvəsində, keçmiş diktatorların sığınağında közərən işığı görəndə: «Kefdədilər, mən burda əzablar içində qovruluram, bu harın donuzlarsa yatırlar!» - deyə özü-özünə deyinirdi. Anası Bendisyon Alvaradonun, ölümqabağı guruldayan xorultusunu, bu zəhmətkeş qadının, oreqano kolunu bəslədiyi otaqdakı rahat yuxusunu xatırladı: «Taundan qorxmayan, sevgidən ehtiyat etməyən, ölümdən çəkinmədən, rahat yatan anamla olsaydım!» Elə üzülmüşdü ki, mayakın, dənizsiz mayakın işartısı da ona şübhəli, ölülərin qəbirdən xortlamaq əlaməti kimi göründü, mayakın, fırlana-fırlana ətrafa, ölülərin iliyindən alınan işıqlı toz şüaları səpdiyini təsəvvürünə gətirib dəhşətə gəldi və bu yazıq işıldaquşdan qaça-qaça: «Söndürün!» - deyib bağırdı; mayakı söndürdülər; o, əmr elədi ki, evin bütün dəlmə-deşiyini içəridən tıxayıb yamasınlar ki, bircə deşik belə qalmasın; qoy, gecənin ölüm qoxulu zərrəsi belə, evə girə bilməsin; o, bu qaranlıq zülmətdə tək-tənha dayana-dayana, evin nəmişli, ağır havasından boğula-boğula, bütün güzgülərə nifrət elədi, güzgülərin önündən, onlara tərəf çönüb baxmadan, onları duya-duya keçdi; güzgülərsə, ona tənhalığını unutdurub, otaqda tək olmadığını düşünməyə məcbur elədilər; o, qurumuş dəniz vulkanlarının krateri boyu çapan atlını gördü; onun atının ayaqlarından qəribə, iri qığılcımlar çıxırdı, yoxsa bu, ağ rəngli solğun ayın əksiydi?!.. «Rədd eləyin onu! – deyə çığırdı. – Ulduzları söndürün, lənət şeytana, Allahın adıyla əmr edirəm!» Onun bu çığırtılarına bir kəs hay vermədi, heç kəs onu eşitmədi, bircə keçmiş nazirliyin otaqlarında mürgüləyən ifliclər, pilləkənlərdə yatan korlar, paltarları şehdən nəm çəkən cüzamlılar səksənib ayıldılar, onun qabağını kəsib, şəfqətli əlindən şəfa duzu dilədilər; axı, bütün bunlar olmuşdu, ay nainsaflar, o, böyrümüzdən ötüb keçə-keçə, hamımızın başını sığallayır, öz müdrik əliylə - həqiqət saçan əliylə hər birimizin yarasına toxunur və biz, həmin dəqiqə bədənimizdə cərəyan edən sağlam həyat qüvvəsinin - ruhumuzda sakitliyin və həyat eşqinin artdığını duyurduq; biz, gözləri açılan, lakin, yenə qızıl güllərin şöləsindən kor olan korları görürdük, pilləkənlərlə o yan-bu yana qaçışan iflicləri görürdük, bax, bu da mənim dərim, körpə dərisi, sağalan yaralarımın yeri, erkən zanbaqların ətri hopmuş bu dəri, dünyanın bütün bazarlarında kafirləri rüsvay edib, pozğunları xəbərdar eləmək üçün nümayiş etdirdiyim dəri!» Bu sözləri, şəhər və kəndləri veyillənə-veyillənə, xeyir-şər mərasimlərində çığıranlar, bu möcüzəyə inamdan savayı, həm də canımıza qorxu yeridirdilər; onlara çoxdandan heç kim inanmırdı; biz, bir vaxtlar onları, fərmanları xalqa çatdırmağa göndərilən saray əhlinə oxşadıb şübhələnmişdik; demək, indi onlar istəyirdilər ki, biz, artıq inanılası olmayan bir şeyə – onun, cüzamlıları sağaltmasına, korların gözünə nur bəxş etməsinə, iflicləri yeritməsinə inanaq; bizə elə gəlirdi ki, bu yolla onlar prezidentin real mövcudluğu təəssüratını yaratmağa çalışırdılar. Onun şəxsi əmriylə işə yenicə çıxan mühafizə patrulları ixtisar edilmişdi; dövlət şurasının üzvləri hamılıqla bu qərarın əleyhinə çıxmışdılar; «Yox, mənim generalım, daha bu, karabinyerlər rotasından da azdır, ehtiyatı əldən vermək olmaz.»; o isə buna inadla etiraz edərək: «Sizin kimi bivec nazirlərdən, bir də avara komandirlərimdən savayı məni öldürməyə, heç kəsin nə ehtiyacı var, nə də həvəsi. Siz də məni öldürməyə cürət etməzsiz, çünki bilirsiz ki, məni aradan götürən kimi, bir-birinizi öz aranızda qıracaqsız.» - deyir və beləcə, inəklərin, vestibüllə, dövlət şurasının iclas salonu arasında gicəlləndiyi bu baxımsız sarayda bircə, bığ yeri təzəcə tərləyən gənc patrullar qaldı.
- «İnəklər, çəmənlik mənzərəli divar xalçasını çeynədilər, arxivləri yeyib-tökdülər, mənim generalım!» - o isə heç nə eşitmirdi, təkcə bir dəfə oktyabr leysanlarının hürküdüb saraya saldığı inəkləri qovmağa çalışdı, «İnək... inək...» - deyə-deyə, hardansa «inək» sözündə «k» hərfinin olduğu yadına düşdü və dayandı; bir dəfə də, dünyanın düz vaxtında, ətrafa nur səpən çırağın abajurunu çeynəyən bir inək görmüşdü və fikirləşmişdi ki, heyvanları, pilləkənlər boyu ayaq döyə-döyə qovmağa dəyməz; ziyafət salonunda, bellərinin gənəsini toyuqlar dimdikləyən bir cüt inəklə rastlaşanda da təəccüblənmədi; belə gecələr biz, bəzən pəncərələrin arxasında yanıb-sönən işığı gördük, sarayın içindən yayılan iri heyvanların ağır ayaq səslərini eşidirdik… – bu, əlində gəmi fənəri, inəklərə yatacaq yeri axtaran generalın ayaq səsləriydi. Ölkənin rəsmi həyatı, öz əvvəlki axarında onsuz davam edir – dövlət qəzetləri onun, qəbulların xarakterinə uyğun, cürbəcür mundirlərdə peyda olduğu təntənəli mərasimlərdən saxta şəkillər çap edir, radio müntəzəm surətdə onun, çox-çox uzun illər əvvəl, milli bayramlarda eşitdiyimiz çıxışlarını verirdi; o, əvvəlki qaydada, bizimlə birgə yaşamaqdaydı – fotoşəkillərə əsasən, guya o, saraydan küçəyə çıxır, kilsəyə daxil olur, yatır, yeyib-içirdisə də, hamı onun, həmişəki uzunboğazlarında, xarabalığa çevrilmiş sarayında zorla yeridiyindən xəbərdar idi. Onu yedizdirən və bal ehtiyatı görən xidmətçilərdən, sarayda cəmi üç-dörd denşikin qaldığından xəbərdar idik; bir dəfə isə xidmətçilərin qovduğu inəklər, baş qərargah otağına girib oranı darmadağın etdilər və bir vaxtlar, falçının dediyi, onun öləcyi gizli kabinetində bütün çini marşalları yerə salıb sındırdılar; denşiklər həyəcanla onun nə əmr verəcəyini gözlədilər və yalnız o, fənəri kandardan asdıqdan sonra, havası dənizsiz heç cür dəyişilməyən yataq otağının qapısından üç qıfılın və üç zəncirin çıqqıltısı və cingiltisi eşidiləndən sonra, onun sübhə qədər ölü kimi yatacağı ümidi ilə, birinci mərtəbədəki otaqlarına getdilər, o isə tez-tez səksənib yuxudan ayılır, yuxusuzluğunun keşiyini çəkir, ağır ayaqlarını sürüyə-sürüyə zülmət qaranlıq saray boyu yeriyə-yepiyə, yan-yörəsindəki inəklərin aramlı gövşəməyinə, vitse-kral asılqanlarında yatan toyuqların qaqqıltısına məhəl qoymadan, kabus kimi gəzirdi; zamanın axarı ona, keçmiş dənizin yerində bitən ay işıqlı çöllüyün küləyini xatırladırdı; o, görkəmli latinist, general Lautaro Munyosun (Allah bu axmağa rəhmət eləsin), özlərini məhv etdikləri sonuncu barrikadaları hələ küçlərdə müqavimət göstərən vaxt, Korneli Nepotun birinci nəşrinin yanmış vərəqlərini, unudulmuş ritoriklərin - Livio Andronikonun və Sesiliya Estatonun kitablarının vərəqlərini, öz yaşıl budaqlı süpürgəsiylə süpürən anasını - Bendisyon Alvaradonu gördü. Onun üçün boşaldılan iqamətgaha daxil olarkən, anası Bendisyon Alvaradoyla birgə, şəxsi mühafizəsinin meyitləri üzərindən keçib pationu ötdülər, zülmət qaranlıqda, prezidentin cins ilxı atlarının cəsədlərinə ilişə-ilişə, vestübüldən yuxarı aparan pilləkənlə qalxdılar və iclas salonuna çatdılar; qatı, acı barıt iyindən və at qanı qoxusundan nəfəs almaq olmurdu: - «Biz orda, yalın ayaqların qanlı izlərini gördük, görünür, burdan, at qanından yığılan gölməçələri tapdayıb gələnlər keçmişdilər; dəhlizlərin divarlarında da biz, eynilə bu cür qanlı əl izləri gördük, iclas salonunda isə, sinəsinə döyüş qılıncı sancılmış, yaraşıqlı bir florensiyalının qana bulanmış bədənini gördük – bu, prezidentin arvadının şəkliydi; sonra alınına güllə çaxılmış, açarla burulub işə salınan, balerinayaoxşar oyuncaq qızı gördük – bu da prezidentin doqquz yaşlı qızıydı. Və nəhayət biz, on bir il ərzində hakimiyyət uğrunda qanlı mübarizələrdə bir-birinə qalıb gələn on dörd federalist generallardan ən zirəyi və ağıllısını - haribaldi sezarı, prezident Latuaro Munyosun meyitini gördük… bu, ingilis konsuluna öz ana dilində «yox» deməyə ürək eləməyən yeganə adam idi, elə buna görə də indi cəzasını çəkirdi; Britaniya eskadriliyasının cəlladlarına qismət olmasın deyə, əvvəl arvadını qılıncla vurub qızını güllələmiş, sonra qırx iki ədəd əndəlus atını məhv etdkdən sonra özü öz ağzına açdığı güllədən, başında dəlik, yalın ayaqlarıyla yerdə uzanmışdı; o vaxt onların komandanı Kitçener meyiti göstərərək, generalımıza: «Görürsən də, general, atasına əl qaldıranların aqibəti nədi?! Nə vaxtsa vəzifə başında olsan, bütün bunlar yadından çıxmasın!» - demişdi. «O, «nə vaxtsa» - dedi, amma mən, uzun-uzadı, yuxusuz, intizarlı gecələrdən sonra artıq ölkədə əmin-amanlığı bərpa etmək və iqtisadi sabitlik yaratmaq üçün lazım olan müddətə bütün qoşun növlərinin ali baş komandanı və respublikanın prezidenti elan olunmuşdum». Bu qərarı, senatın və deputatlar palatasının razılığıyla, sonuncu federal şura, yekdilliklə qəbul etmişdi deyə, qərar, ingilis eskadrası tərəfindən də təsdiq olundu və gecələrin birində, konsul Mak-Doneyllə oynadığı domino daşları arasında çapa imzalandı.
«Əvvəl-əvvəl nə mən, nə də başqaları bu işin alınmağına inanmırdıq». Kim inanardı axı?! Həmin o dəhşətli gecənin hərc-mərcliyində qəbul olunan bu qəribə qərara, Bendisyon Alvaradonun özü də inanmırdı; o, lap axır günlərə qədər - ölüm yatağında da, dövlət idarəçiliyinə nədən başlayacağını qətiyyən bilməyən oğluna inanmırdı; onlar, mebelsiz-əşyasız, bomboş otaqlarda, keçmiş ispan hökmranlığı dövründən qalmış vitse-kral və arxiyepiskopların, milçəklər bulamış portretlərindən savayı qiymətli bir şey olmayan bu evdə, titrəmədən yaxa qurtarmaq üçün dəmləməyə ot axtarsalar da, tapa bilmədilər; evin qalan əşyaları, əvvəlki prezidentlər tərəfindən daşınıb aparılmışdı, məşhur tarixi hadisələr təsvir olunan divar xalçalarının yeri, artıq çoxdandan, asıldığı divarın rənginə uyğunlaşmışdı, yataq otaqları, çirkli əsgər kazarmaları kimi zibil içindəydi, divarlarda, prezidentlərin qanlı barmaqlarıyla müxtəlif tarixlər yazılmışdı; bürünüb qızınmağa bircə həsir belə yox idi: «Odu ki, anam Bendisyon Alvarado pəncərənin tozlu pərdəsini qoparıb mənə səridi və məni baş pilləkənin küncündə uzatdı, özü isə yaşıl budaqlı süpürgəsiylə, ingilis desantının soyub talamağa artıq bir şey qalmadığı otaqları süpürməyə başladı.»; qapıların arxasında, canını, onu zorlamaq istəyən quldurlardan süpürgəsiylə qurtara-qurtara, döşəmələri təmizlədi, səhərə az qalmış, əsas pilləkənin yuxarı pilləsində tər-su içində, məxmər pərdəyə bürünmüş oğlunun yanında oturdu, onun alovlu qızdırmasını ürək-dirək verməklə soyutmağa çalışaraq, dedi ki, bu qarmaqarışlığa fikir verməyə dəyməz, bir-iki ucuz dəri kətil alıb onları gül-çiçək və cürbəcür heyvan şəkilləriylə rəngləmək lazımdı: - «Bunu özüm eləyərəm. Bir-iki dənə də tor yelləncək alarıq, ən əsas tor yelləncəkdi, çünki bu evə yəqin ki, çoxlu qonaq gələcək. Sonra nahar stolu, dəmir qaşıq-çəngəl, alüminium nimçələr alarıq. Əsgər həyatı üçün başqası yaramaz. İçməli su üçün qəşəng bardaq və kömür sobası alarıq. Hamısını da dövlət hesabına.» - deyə-deyə, oğlunu beləcə sakitləşdirirdi. O isə anasını eşitmirdi… səhərin gözü açılar-açılmaz, ilk əməköməcilər çiçəklənmişdi, qırmızı, ağ əməköməcilər, qan kimi al qırmızı, bu gecə qanı axan bədən kimi ağappaq… - bu nəhəng işıq seli altında elə bil həqiqətin əsl gizli mahiyyəti üzə çıxdı, və belə məlum oldu ki, o, pilləkəndə qızıdırmadan titrəyə-titrəyə, fikrə dalan miskin qocadan savayı ayrı bir şey deyil. «Elə bu? Ütülmüş at ətinin iyi, mənəvi puçluq, qəzaya uğramış gəmiyə oxşayan bu ev, bütün on iki avqust sübhlərinin eyni olan bu sübh çağı – hakimiyyət elə budu?.. Bu nə zibil idi düşdük, ana!» Dənizin sahilində sübhün açılmasından xoşhallanan xoruzların banlamağına, ingilislərin, saray boyu sərilmiş meyitləri yığa-yığa, şən mahnılar oxumasına baxmayaraq, onu qəfil zülmət qarşısında çuğlayan heyvani bir qorxu bürüdü; Bendisyon Alvarado isə öz hesablamalarından təsəlli dolu nəticə çıxarıb dedi ki, əsas narahatçılıq – bir dəstə döşəkağı məsələsidi, vəssalam, ayrı heç bir narahatçılıq yoxdu, onları da yaxşıca yuyub təmizləmək lazımdı; məyusluğun ən sonuncu nöqtəsində birdən-birə elə bil ayaqlarının altının möhkəmliyini duydu və anasını sakitləşdirməyə başlayaraq: «Eybi yox, rahat yat, ana, onsuz da prezidentlər bu sarayda çox oturmurlar. Allah eləsin, burada heç olmasa, yarım ay yaşayım». – dedi. Bu sözlərinə o, təkcə onda yox, indi də, uzun-uzadı, qəddar dərviş ömrünün bütün anlarında olduğu kimi, yenə sidq-ürəkdən inanırdı; hökmdarların bir gününün o birinə oxşamadığına nə qədər çox əmin olurdusa, özünə bir o qədər çox inanırdı, tez-tez yadına baş nazirin, hansısa gizli məqsəd güdən, yalan dolu, üfürülmüş məruzələri düşdükcə, yüngülcə gülümsəyib: «Mənə həqiqəti deməyin, litsensiat*, risq edirsiz – sizə inana bilərəm!» - deməyini xatırlayırdı. Elə bu sözlərlə də dövlət şurasının, onun sorğu-sualsız imza atacağına arxayın olduğu bütün nəhəng strategiyasını puça çevirdi. «O heç zaman mənə bu qədər fərasətli görünməmişdi. Rəsmi qəbullarda, guya özündən asılı olmadan, şalvarına işəməyi ilə bağlı şayiələrin get-gedə inandırıcı olduğu vaxtlarda da.» – «Məncə, o qocaldıqca, daha sərt olurdu, yalın ayaqlarını şappıldada-şappıldada, qulaqcığının biri sapdan olan eynəklə gəzirdi.» – «Get-gedə daha dözümlü, daha duyğulu olurdu, odu ki, bir qucaq kağız-kuğuzun içindən lazımlısını seçib, baxıb-oxumadan, imza atır, «Nə istəyirsiz? Onsuz da qulaq asan yoxdu.» – deyib gülümsəyirdi. «Təsəvvür edin ki, o, inəklərin sarayda veyillənməmələri üçün fermada iri taxtadan rəzə düzəltməyi əmr eləmişdi. Sonra gördü ki, onlardan biri, yəni – «inək?... inək?...» - başını kabinetinin pəncərəsindən içəri soxub yazı masasının, bu vətən mehrabının üstündəki kağız çiçəkləri çeynəyir, gülümsədi: «Görürsüz, litsensiat, sizə demişdim axı. Bu ölkənin başına nə bədbəxtlik gəlirsə, hamısı, mənə qulaq asmamağın nəticəsidi.» - deyirdi. «Bu yaşda zəkanın qeyri-adi aydınlığına bir bax.»
Səfir Kipplinq isə, qadağan olunmuş memuarlarında yazırdı ki, onu, uşaqlığına qapılıb-qalmış və əlindən heç bir iş gəlməyən bir adam kimi tanıyır, yazırdı ki, onun bədəninin bütün məsamələri, aramsız halda özündən maye buraxır, bədəni, suda batmış adamın bədəni kimi şişkindi, hərəkətləri isə, dalğaların atıb-tutduğu ölünün hərəkətləri kimi süst və ləngdi. – «O, köynəyinin yaxasını açıb, dəniz həşəratlarının, sallaq dəri qatlarının arasına yığılan sulu sinəsini də mənə göstərmişdi.»; o özü də deyirdi ki, kürəyində remoralar*, qoltuqlarının altında polip və xırda əqrəblər var və o, bütün bunları, əzizim Conson, aldığınız dənizin təbii surətdə geri qayıtması əlamətləri kimi qəbul edirdi, çünki dəniz də, pişiklər kimi həmişə geri qayıdır; o əmin idi ki, qasığındakı xərçəngəbənzər həşərat yığnağı, yataq otağının pəncərəsini açıb, bəşəriyyət tarixində bütün dahi adamlarda olduğu kimi, onun da ovcunun hamar, qırışsız olmasının səbəbini öyrənmək üçün dünyanı axtarmaqdan yorulduğu, dəniz və okeanlar admiralının üç karavellasını gördüyü xoşbəxt səhərin müjdəsidi. Hə, o, onu axtarırdı, hətta dənizçilərdən, onun, qonşu dənizlərin saysız-hesabsız adalarını xəritələşdirməkdən, bunlara konkistadorların əvəzinə, kralların və müqəddəslərin adlarını verməkdən savayı, həm də yerli qəbilələrin elmiylə maraqlanaraq, dazlaşma əleyhinə dərman axtardığını eşidəndə, əmr eləmişdi də ki, zorla da olsa, onu tapıb gətirsinlər. Fransiskan monaxının qəhvəyi əbasına bürünən, əlindəki şıx-şıxla istirahət gününün günorta çağı bazar camaatının arasında gəzən bu tövbəli müqəssiri heç prezidentin özü də tanımamışdı.
Biz onu yenidən görmək ümidini itirmişdik və heç cür inana bilmirdik ki, bir vaxt sahil boyu qaliblər kimi hərbi addımlarla addımlayan, qəbul salonunda qırmızı kamzolda, qızıl mahmızda gördüyümüz o adam odu; amma onu limuzinə otuzdurmaq əmri veriləndə, mənim generalım, göz qırpımında onun izi-tozu da qalmadı – elə bil bu adam yerin içinə girdi – gah deyirdilər, guya o, müsəlmançılığı qəbul eləyib, guya Seneqalda peleqra xəstəliyndən vəfat edib və dünyanın üç müxtəlif şəhərində, eyni vaxtda, üç qəbirdə dəfn olunub; əslində isə, deyirdilər, o, heç basdırılmamışdı da, çünki torpaq, onu heç bir qəbrə buraxmamışdı, demək, o, Qiyamət gününə qədər bir qəbirdən o birinə səyahət eləməliydi; Allah ona min cür əyri işlərinə görə bu cür cəza verirdi, çünki bu adam fırıldaqçı idi, mənim generalım, pulun özündən də murdar idi; lakin general, bu deyilənlərə heç vaxt inanmır, elə hey, pərəstiş elədiyi bu adamın gəlişini gözləyirdi; qocalığın lap axır günlərində belə - səhiyyə nazirinin, onun bədənindən gənələri maqqaşla qopardığı vaxtlarda da bu həsrətlə yaşayır və naziri inandırmağa çalışırdı ki, bədəninə yapışan bu həşərat, gənə deyil, dənizin geriyə qayıtması əlamətidi; özü də o qədər məntiqlə, inamla danışırdı ki, nazir öz-özünə fikirləşirdi ki: «O, heç də özünü camaata göstərdiyi kimi sadəlövh deyil.» Amma yaman qocalmışdı, hərtərəfli tədqiqatlar göstərirdi ki, damarları tamam ölgünləşib, böyrəklərində də o qədər qum var, elə bil çimərliyin bütün qumunu udub, ürəyi isə sevgisizlikdən çatlayıb, odu ki, qocaman həkimi, dost münasibətlərindən istifadə edib onun üzünə elə belə də demişdi: «Daha vaxtınız çatıb, general! Hakimiyyəti kimə verəcəyinizin düşünmək vaxtıdı. Bizi, taleyin ixtiyarına başlı-başına buraxmaq olmaz axı?!..»
O isə təəccüb içində: «Axı, niyə sizə elə gəlir ki, mən ölməyə hazırlaşıram, əzizim doktor? Bu nə cəfəngiyyatdı? Qoy başqaları ölsün, mən hələ tələsmirəm.» - demişdi, sonra zarafatla: srağagün axşam özümü televizorda gördüm. Görkəmim həmişəkindən yaxşıdı. Lap korrida öküzü kimi!» - Bunu deyib, qəh-qəhə çəkdi, yadına, bir axşam başında yaş dəsmal, burnunu çəkə-çəkə, səssiz televizorun qabağında oturub, qətiyyətli ədalarına - Fransadan, Türkiyədən, yaxud İsveçdən gələn qəşəng xanımlarla cavansayağı davranmağına baxa-baxa, özü-özünə təəccüblənməyi düşdü; bu xanımlardan, heç şeytanın özü də baş açmazdı; onların hamısı, indi onun üçün eyni sifətdə idi, bir də ki, o vaxtlardan, bu kadrların çəkildiyi günlərdən o qədər vaxt keçmişdi ki, bu qəşəng xanımların arasında həqiqətən olub-olmamasını yadına sala bilmirdi, xatırlaya bilmirdi ki, axşam qəbulunda göründüyü bu gözəl mundirdə, əlində içilməmiş şampan qədəhi tutan, hakimiyyətə gəlməyinin növbəti ildönümünü - on iki avqust, ya on dörd yanvar qələbə günü, ya da on üç mart doğum günü şərəfinə – bu tarixlərdən şeytan da baş açmaz! – keçirilən ziyafətlərdə görünən bu adam özüdü, ya yox. Onun hakimiyyəti illərində belə tarixi günlər o qədər idi ki, indi – çaş-baş qalıb, hansının nə üçün olduğunu heç cür yadına sala bilmirdi; bu tarixi günləri xatırlamaq üçün, bir vaxt səliqəylə büküb cürbəcür dəlmədeşiyə dürtdüyü, zaman keçdikcə, ona hər şeyi xatırlamatğa kömək edəcək kağızlar da kara gəlmədi; o, bu kağızlara arxayın olub hər şeyi unutmuşdu deyə, təsadüfən əlinə keçəni oxuyurdusa da, heç nə anlamırdı; məsələn, bal gizlətdiyi divar mücrülərinin birindən tapdığı vərəqi höccələyə-höccələyə belə oxuyurdu: «Ap-re-lin yed-di-si dok-tor Mar-kos de Le-on-un do-ğum gü-nü o-na hə-diy-yə ki-mi bir ne-çə ya-qu-ar gön-dər-mək la-zım-dır». Xətt, sözsüz ki, onunku idi, amma söhbətin kimdən getdiyini, bu doktor Markosun kim olduğunu qətiyyən başa düşmürdü və fikirləşirdi ki, insana, öz varlığının vəfasızlığından, bədəninin və yaddaşının zəifləməsindən alçaq və eyni zamanda ədalətli cəza yoxdu; əslində bunu, Xose İqnasio Saens de la Barranın unudulmaz dövründən xeyli əvvəl - hüdudsuz məmləkətinin müxtəlif rayonlarından, kənd və qəsəbələrindən gələn kənd sakinlərinin adlarını, familiyalarını, nə vaxtsa bircə-bircə yadında saxladığı, hamısını üzdən tanıdığı halda, qəfildən, heç kəsi tanımadığı, kimin kim olduğunu xatırlamadığını hiss etdiyi dövrlər anlamşıdı; iş o yerə gəlib çıxmışdı ki, karetinin pəncərəsindən gördüyü tanış üzlü oğlanı hardan tanıdığını heç cür xatırlaya bilmədi, huşsuzluğundan xoflanıb, mühafizəçilərə, oğlanı tutmağı əmr etdi: «Onu hardan tanıdığımı yadıma salanacan, qoy otursun». Bu bədbəxt kəndli balası, məhkəmə məmurlarının əvvəlcədən müəyyənləşdirib tam uyğunlaşdırdığı sözləri gündən-günə təkrar edə-edə: düz iyirmi iki il həbsxanada oturdu; oğlan səhər-axşam eyni sözləri təkrar edirdi; adı - Braulio Linares Moskotedir, çay donanmasının dənizçisi Markos Linaresin və Delfina Moskotenin – yaquar ovlayan itlər yetişdirənlərin, kəbindənkənar oğludur, onların hər ikisi Rosale del Virreydə yaşayır, o özü də orda yaşayır və paytaxta, ömründə birinci dəfədi gəlir; bura da ona görə gəlib ki, camaatın mart gəzintiləri vaxtı, anasının böyütdüyü küçüklərdən ikisini ortaya qoyub satsın; o, paytaxta, kirayəyə götürdüyü eşşəkdə gəldiyini, həmin cümə axşamı tutularkən, əynindəki paltardan savayı ayrı paltarlarının olmadığıını, həmin gün bazar qəlyanaltıxanasında kətan günlüyün altında oturub ucuzlu qəhvə içdiyini, alverçilərdən, yaquar ovçularını – iki cins küçük almaq istəyən bir adam tanıyıb-tanımadıqlarını soruşduğunu, onların belə bir adamı tanımadıqlarını söylədiyini, elə bu əsnada vurnuxma və qaçhaqaç düşdüyünü, təbillərin vurulduğunu, şeypurların səsləndiyini, göyə rəngbərəng raketlər buraxıldığını, bazarın yanındakı adamların: «Gəlir! Gəlir! Əsl kişi gəlir! Budur o!» - deyib çığırdığını təkrarlamaqdan yorulmurdu; alverçilərdən isə o soruşmuşdu ki, bu «əsl kişi» kimdi? Ona demişdilər: «Necə yəni kimdi? Hakimiyyət başında olan adamdı!» Onda oğlan, küçükləri qutuya basıb, alverçilərdən xahiş eləmişdi ki, o qayıdana kimi onlara baxsınlar, özü isə küçəyə qaçıb, kiminsə pəncərəsinə, taxçaya dırmaşıb, camaatın başı üstündən, qapısında əjdaha şəkli olan kareti müşayiət eləyən atlı dəstəsini, qızılı pullu, parlaq kəkilli atları, karetin pəncərəsindən yellənən ipək əlcəkli əli görmüşdü; hökmdarın solğun çöhrəsini, sallaq, təbəssümsüz dodaqlarını, onun hüznlü gözlərini görmüşdü və bu gözlər qəfildən minlərlə adamın içindən oğlana zillənmişdi, onu, iynəni dənizin içindən tapan kimi, tapmışdı, karetin pəncərəsindən çölə uzanan barmaq, duz ona tuşlanmışdı: «Bax bunu, pəncərədəkini – həbs edin onu! Onu harda gördüyümü yadıma salanacan qoy içəridə otursun.» Beləliklə də, oğlanı tutdular, hökmdarın, onu harda görə biləcəyini boynuna alması üçün qılıncla dərisini soymağa, əzalarını kömürün üstə yandırmağa başladılarsa da, liman qalasının divarları arxasındakı dəhşətlər kamerasında verilən işgəncələr, dustağı müqəddəs həqiqətdən başqa özgə bir şey deməyə məcbur eləyə bilmədi; o, həqiqəti yorulmadan elə inam və əyilməz cəsarətlə təkrarlayırdı ki, axırda general öz səhvini boynuna almağa məcbur oldu və etiraf elədi ki, Braulio Linares Moskoteni əvvəllər heç vaxt görməyib. – «Amma indi başqa çıxış yolu yoxdu – qoy otursun! Axı, onunla elə pis rəftar ediblər ki, düşmən olmasa da, düşmənə çevrilə bilər». Odu ki, bu bədbəxt öz kamerasında çürüyür, general isə yenə öz yaddaşsız xatirələriylə elə hey tutqun iqamətgahda gicəllənir, öz-özünə: «Anam mənim, yaxşı günlərimin Bendisyon Alvaradosu, mənə kömək elə, mantilyanı kənara çəkib mənə bax ki, üzünü görə bilim! Kömək elə mənə, ana. Əgər qocalıq bataqlığına çöküb, nədənsə təsəlli taparaq, qüvvə toplamaq üçün heç nəyi xatırlaya bilmirsənsə, bu qəddar, şanlı hadisələrdən, bu qədər zəfərlərdən ötrü əzab çəkməyə dəyərdimi?» Həyatının ən acı müsibətləri də, ən şirin anları da, əzəmətinin ən şanlı dəqiqələri də – hamısı bir-birinə qarışıb qapqara yaddaşsızlıq dəliyinə yuvarlandı. Gizli divar mücrülərinin birindən təsadüfən, onun xətti ilə yazılmış kağız parçası tapılmasaydı, o, krallara layiq təntənəylə dəfn edilməsini tapşırdığı doxsan altı yaşlı Fransisko Lineronun kim olduğunu heç vaxt yadına sala bilməyəcəkdi; hələ bu bir yana, görmə qabilliyətini də itirmişdi deyə, hakimiyyəti kor-koranə idarə eləmək məcburiyyətində qalmışdı; üst-üstə taxdığı on bir cüt eynək də ona kömək edə bilmirdisə də, yenə onları taxırdı; o, yazı masasının siyirtməsindən, istədiyi eynəyi çıxarıb burnunun üstünə ilişdirirdi və belədə, söhbət elədiyi adamı guya yaxşı görən adam təsir bağışlayırdı, əslində isə, müsahiblərinin səsini belə eşitmir, qarşısında oturanın kimliyini yalnız hissiyatıyla müəyyən edir, onları bədənsiz ruh kimi hiss edirdi; bir sözlə, elə vəziyyətdəydi, adama elə gəlirdi ki, elə indicə canını tapşıracaq; onun bu halı, audiyensiyaların birində müdafiə nazirini də yaman qorxutmuşdu; general qəfildən asqıranda, müdafiə naziri: «Sağlam olun, general!» - demişdisə də, general yenə asqırmışdı, onda nazir ikinci dəfə: «Sağlam olun!» - demişdi, generalınsa asqırağının arası kəsilməmişdi. – «…Doqquzuncu dəfə asqıranda, daha heç nə demədim – onun pörtüb köpürmüş sifətindən, yaşla dolu, bərəlmiş gözlərindən, o dünyanın dibindən mənə zillənmiş kinli baxışlarından qorxdum, canı çıxan kaftar heyvanın dili kimi çölə pırtlayan dilini gördüm və gözümün qabağında baş verən bu ölüm səhnəsində, günahsızlığımı sübut edəcək heç bir şahidin olmadığından xoflanıb cəld otaqdan sürüşmək qərarına gəldim – axı, yanımızda bircə nəfər belə yox idi. Tez qaçıb canımı qurtarmaq istəyirdim ki, o, asqırtıların arasından: «Ağciyər olmayın, general Rosendo Sakristan! Dinc durun, lənət şeytana, mən bir o qədər gic deyiləm ki, sizin yanınızda öləm!» - deyə çığırdı. Müdafiə naziri yerində donub qaldı, o isə həqiqətən ölümlə burun-buruna vurub, az qala huşunu itirə-itirə asqırmağına davam edirdi; qarşısında milyardlarla işıldaböcəyəbənzər qığılcımlar qaynaşırdısa da, o, bütün varlığıyla inanırdı ki, anası Bendisyon Alvarado belə bir biabırçılığa yol verməz, qoymaz ki, o, asqırmaqdan, hələ üstəlik tabeliyində olan bir adamın qabağında ölsün: «Eybi yox, biz hələ yaşayacağıq! Heç bir şey mənim qəddimi əyə bilməz!»
Bu hadisədən sonra o, belə bir nəticəyə gəlmişdi ki, insanın ləyaqətsiz ölümünə şərait yaradan adamların arasında yaşamaqdansa, inəklərlə birgə ömür sürmək daha yaxşıdı. - «Niyə onlar hamılıqla təslim oldular?» O, Papa nunsisini (Roma Papasının nümayəndəsi) qəbul etməyi, onunla Allah haqqında höcətləşməyi ona görə tərgitdi ki, şokoladı körpə uşaq kimi qaşıqla içməyə məcbur idi və istəmirdi ki, nunsi bunu görsün; domino oynamağını da ona görə tərgitmişdi ki, qorxurdu, kiminsə ona yazığı gələr və oyunu ona qəsdən uduzar; heç kimi görmək istəmirdi, çünki özünü əməlli-başlı idarə edə bilmir, yastı dabanlarını sürüyə-sürüyə gəzirdi; ömrü boyu ayaqlarını beləcə sürüyə-sürüyə gəzməsinə baxmayaraq, indi bunu gizlətmək baş tutan iş deyildi; istəmirdi ki, qocalığını gizlədə bilmədiyini kimsə görsün; özünü, qayanın başındakı malikanədə sığınacaq hüququ qazanmış adamlardan yox, dustaq kimi saxladığı sonuncu bədbəxt diktatorların yerində – çarəsizlik uçurumunun kənarında hiss edərək, yaşından da utanmağa başlamışdı. Bu diktatorlar, dünyanı heyvərəlik taunuyla yoluxdurmamaq üçün orda - qayadakı sığınacaqda üzülürdülər; həmin o üzüntü hissini o, içəri həyətdəki hovuzda – müalicəvi suyun içində tək-tənha uzanıb mürgülədiyi həmin uğursuz gün duydu və öz gücsüzlüyündən iyrəndi: «Səni yuxuda gördüm, ana… gördüm ki, çiçəkləri başımın üstündə pardaqlanan badam ağacının yarpağı üstə oturub cırıldayan cırcıramaları sən yaratmısan, nəğməkar sarıköynəklərin alabəzək səslərini, öz fırçanla sən rəngləmisən… amma mən, bağırsaqlarımın qəfil ifrazatından ayıldım, ana, bu biabırçı, murdar suların, gücsüz qəzəbin içində ayıldım: bu murdar sularda oreqano və malvaların ətirli ləçəkləri, portağal ağacından tökülən ləçəklər üzürdü; ikotea tısbağaları, sevinə-sevinə, içalatımdan püskürən qızılı məhlula sarı üzürdülər, bax belə ana!» - o qartımış bədəninin bu hərəkətinə, yaşının başqa iyrəncliklərinə də dözdü, xidmətçilərin sayını da bu məqsədlə lap azaltdı ki, bu sayaq murdar vəziyyətlərinin – gündə bir hoqqanın şahidi olmasınlar, bir sözlə, başını nəm dəsmalla sarıyıb, heysiz ümidsizliyi içində üzülə-üzülə, divarlara söykəndiyini, mal çibinlərindən bezib dözülməz baş ağrılarından ağlını itirib, kimsəsiz iqamətgahda veyilləndiyini heç kəs görməsinlər; başının ağrıdığı haqda o öz şəxsi həkiminə belə, heç nə demədi, çünki bilirdi ki, bu ağrı da qocalıqdandı; ağrı hissi, ilk əvvəl ona ağrı duyumuyla gəlirdi, ona, səmada tufanqabağı buludlar görünməmişdən əvvəl guruldayan şimşək çaxıntılarıyla yaxınlaşırdı; onda o, əmr eləyirdi ki, onu heç kəs narahat eləməsin; bir qədər sonra isə - ağrı gicgahlarını oymağa başlayanda, o, qışqırırdı ki, nə olur-olsun, evə heç kəsi buraxmasınlar; beyni, içindəki polad turniketin dönüşündən dağılmağa başlayanda isə o, bağırırdı ki, Allahın özü göydən yerə düşsə belə, heç kəsi evə buraxmasınlar. - «Lap ölsəm belə, buralara bir kəs buraxılmasın!»
Ağrı onu qəddar bir inadla, bir anlıq da olsa, nəfəsini dərməyə qoymadan, yandırıb-yaxır, Qiyamət gününün ümidsizliyinə qapılmağa belə, imkan vermirdi; amma elə ki, leysan yağışı tökürdü, ağrı ram olurdu, onda o, bizi yanına çağırırdı; belə məqamlar o, elə görünürdü, elə bil dünyaya təzədən gəlmişdi; televizorun qabağında, yemək stolunun arxasında otururdu; biz ona şam yeməyi verirdik; lobyalı bekon bozartması, sürtgəcdən keçirilmiş kokos və qızardılmış banan – bu yaşda adam üçün ağlagəlməz yeməklər! Amma şam yeməyinə çox vaxt əl dəyilmirdi, o, Nuh əyyamından qalma televizya filminə baxırdı; bu filmin, televiziyanın xüsusi kanalıyla təkrar-təkrar verilməsi, özü də tələsiklikdən lentin baş-ayaq getməsi, dövlət işlərində nə isə xoşagəlməz vəziyyət yarandığından xəbər verirdi; o, hökumətin, yenə nəyisə açıq-aşkar ört-basdır etməklə məşğul olduğunu anlayır: «Bu nə hoqqadı, bunlar çıxarar?» - deyə deyinir və elə o dəqiqə də özünü inandırdı ki, ondan heç nə gizlədə bilməzlər, əgər ciddi bir şey olsaydı, çoxdan bilərdi; bu fikirlərlə tək-tənha otura-otura o, şam yeməyini də soyudurdu, kilsə saatının zəngləri saat səkkizi vuranda isə, uzun müddətdən bəri axşam saatlarında elədiyi kimi, ayağa qalxıb nimçədəki yeməkləri unitaza boşaldırdı ki, düşdüyü bu miskin vəziyyətindən heç kəs xəbər tutmasın; mədəsi daha heç nə götürmürdüsə də, çalışırdı camaat elə bilsin ki, o, elə əvvəlki adamdı, şanlı çağların əfsanələrinin təsvir elədiiyi həmin adam bu əfsanələrlə də təsəlli tapır, özünə qarşı duyduğu nifrətdən, bədəninin hər növbəti pozğun nömrəsindən sonra içini bürüyən ikrah hissini bununla dağıdırdı; artıq zorla yaşadığını unutmağa çalışır, özünü, ayaqyolunun divarlarında: «Yaşasın general! Yaşasın əsl kişi!» - sözlərinin, özünün yazdığın unutdurmağa, bir gecədə üç qadınla üç dəfə olmaq üçün gizli türkəçarə dərmanını içdiyini, sonra bu səfehliyinə görə acı gücsüzlüyün göz yaşlarını tökdüyünü yaddan çıxarmağa çalışır, bütün bu biabırçılıqlara görə ayaqyolunda oturub suaxıdanın qulpundan yapışaraq: «Anam, ürəyim, Bendisyon Alvarado, nifrət elə mənə, öz yanar suyunda pak elə məni!» - deyib ağlayırdı. Bir də bu biabırçılığın kökü ona bəlliydi; dəfələrlə uğursuzluğa düçar olmasının səbəbi də ona məlum idi; o, yaxşı başa düşürdü ki, hər şeyin günahı, həmişəki kimi kişilik gücsüzlüyü yox, sevgisizliyi idi – dostunun – baş nazirin ona dürtüşdürdüyü qadınlardan, azca da olsa, soyuq olmayan qadınların çatışmamazlığı idi. – «O, bu qadınları mənim üçün, qonşuluqdakı qızlar məktəbi bağlanandan sonra göndərirdi: «Bu cananların, sanki sümüyü yox idi». – «Məxsusi sizinçün, mənim generalım!» Bu qadınlar, təyyarəylə Amsterdam vitrinlərindən, Budapeşt kino festivallarından, Aralıq dənizinin İtaliyadakı mavi sahillərindən gətirilirdi. – «Bir baxın, general, bu möcüzəyə tamaşa edin! Bunlar, dünyanın ən gözəl qadınlarıdı!» Bu qadınlar onu, yarıqaranlıq, kimsəsiz kabinetində, utancaq nəğmə müəllimi pozasında gözləyir, ustalıqla soyuna-soyuna, gözəl bədənlərini onun tamaşasına təqdim edirdilər, çimərlik paltarlarının cizgiləri, bal rənginə çalan isti dərilərində, fotoyla çap olunmuş kimi görünürdü; onlar, nanəli diş tozu və çiçək losyonu ətri saçan bədənləriylə məxmər üzlü divanda, beton parçasına oxşayan nəhəng öküzün yanında uzanırdılar. – «O isə heç cür formasını əynindən çıxartmaq istəmir, soyunmağı ağlına belə gətirmirdi. Mən o qədər çalışdım, daha nə hoqqalar çıxarmadım?! Xeyri olmadı ki, olmadı!»
- «Bu gözəl, soyuq, ölü balığın zarafatları məni boğaza yığdı, ona dedim ki, daha bəsdi, qızım, sən rahibəliyə getsən, pis olmaz!» Hə, haqları ən yüksək qiymətlərlə ödənilən bu yadelli gözəllərlə belə alındı; amma günlərin bir günü, axşam saat səkkiz radələrində o, saray camaşırxanasında əsgər ağları yuyan qadına rast gəldi və bircə həmləyə onu boş təknəyə yıxdı; qadın, vurnuxub aradan çıxmaq istədi və qorxa-qorxa özünə haqq qazandıra-qazandıra: «Bu gün bacarmaram, general. Üzürlü səbəbim var.» - dedisə də, o, heç nə eşitmirmiş kimi, qadının belini əyib, üzünü paltar yuyulan taxtaya elə dirədi ki, yazıq qadının kürəyi xırçıldadı, arvad inildəyib: «Siz lap vəhşisiniz ki, general?!.. Yəqin bunu eşşəklərdən öyrənmisiz!» - dedi; bu inilti ona, ətrafında dolaşan peşəkar yaltaqlarının ən təmtəraqlı mədhiyyələrindən daha çox ləzzət elədi, odu ki, bu qadına, gələcək uşaqları tərbiyə etməsi üçün ömürlük müavinət təyin elədi; bir müddətdən sonra isə inəklərə gecə yeməyi hazırlaya-hazırlaya, yenə də: «Ah, yanvar Ayı!» mahnısını oxumağa başladı; o oxuyur, ölümü haqqında qətiyyən fikirləşmirdi, dəqiq bilirdi ki, həyatının son gecəsində belə, zəiflik göstərməyəcək; inəkləri bir-bir sayıb özü-özünə: «Sən – zülmət yollarımın nurusan, sən – dan ulduzusan…» - mahnısını oxudu. İki dəfə sayandan sonra bildi ki, inəklərin dördü çatmır və saraya yollandı, burda vitse-kral dövründən asılqanların üstündə yatan bütün toyuqları saydı, quş qəfəslərinin örtüklərini çıxarıb, onları da saydı – «qırx səkkiz.» Sonra inəklərin gün ərzində sarayda veyillənə-veyillənə yerə tökdükləri quru peyinləri yandırdı; yanıq mal peyininin iyi və tüstüsü, yenə həmişəki kimi, uşaqlıq xatirələrini oyatdı; bu dəfəki görüntülər ani və dumanlı deyildi, əksinə, çox aydın idi; o, yaylaqdan əsib gələn bumbuz küləyinin soyuğundan titrəyən bədəniylə anası Bendisyon Alvaradonun əlindən tutub dayanmışdı… anası, iliyinəcən tir-tir əsən oğlunu yedizdirmək üçün, zibillikdə eşələnən quzğunların dimdiyindən asılmış qoyun içalatını çəkib çıxartdı...
Saat on biri vurdu və o, dəhlizin, boş otaqların işıqlarını söndürməyə başladı; çırağı əlinə alıb, sarayı bir də başdan-başa dolaşdı, on dörd güzgüdə on dörd dəfə öz əksini – əlində yanar çıraq olan on dörd eyni generalı gördü; güzgülərdən birinin dərinliyində - konsert salonunda, gözləri arxaya diyirlənmiş, ayaqları yuxarıya uzanmış inəyə sataşdı və o: «İnək, inək! - deyə çağırdı, sonra öz-özünə - Bu necə şeydi?.. Deyəsən bu, ölüb axı?!..» - dedi. Sonra mühafizəçilərin yataq otağına getdi ki, indicə güzgüdə ölü inək gördüyünü onlara desin: – «Sabah sübh tezdən mütləq onu burdan rədd eləmək lazımdı, yoxsa burda, qanadlı əjdahaların əlindən tərpənmək olmyacaq!» Bu əmri verən kimi, çırağı əlinə alıb, çatışmayan o biri üç inəyi də birinci mərtəbədə axtarmağa başladı; onları ayaqyollarında, stolların altında, hər güzgünün içində axtardı, sonra bir mərtəbə də yuxarı qalxdı, orda da bütün otaqlara baş çəkib inəkləri aradısa da, adını çoxdannan unutduğu hansısa rahibənin çarpayısında, çəhrayı naxışlı örtüyün altında kürt yatan qırt toyuqdan savayı heç yerdə heç nəyə rast gəlmədi, sonra adəti üzrə, yuxudan əvvəl udduğu bir qaşıq balını yeyib, bankasını öz yerinə - gizli divar mücrüsünə qoyanda, orda saysız-hesabsız yazılı kağızlarından birini tapdı; kağızda, görkəmli şair Ruben Darioyla bağlı hansısa əlamətdar tarix yazılmışdı; Allah onun o dünyadakı yerini uca eləsin! Kağızı oxudusa da, heç nə anlamadı, onu bürmələyib əvvəlki yerinə qoydu və dua elədi: «Atamız, göylərin sehrkar hakimi, aeroplanları havada, gəmiləri dənizdə saxlayan...» və beləcə, yuxusuzluq zilləti içində dua eləyə-eləyə yeridi, mayakın son, ani yaşıl şəfəqləri, son yaşıl işıq seli onun nəhəng fil ayaqlarını işıqlandırdı; satdığı dəniz üçün ağı deyən küləklərin vıyıltısını, zamanın xəyali uzaqlıqlarında, Allahın ehtiyatsızlığı ucbatından, az qala kürəyinə bıçaq sancılacaq hansısa toy gəzintisinin musiqisini eşitdi... və birdən, azmış inəyə rast gəlib yolunu kəsərək: «İnək, ay inək, çıx get burdan!» - deyə, heyvanı yolundan qaytarıb, yataq otağına sarı yeridi; iyirmi üç pəncərənin hər birindən, dənizindən məhrum edilmiş şəhərin işıqlarını gördü; bütün pəncərələrdən onu, şəhər içinin xəlvət yerlərinin bürkülü iyləri vurdu… minlərlə adamın sirli nəfəsi – şəhərin nəfəsi gəlirdi; bütün pəncərələrdən iyirmi üç dəfə, adı xalq olan bu nəhəng, ölçüyəgəlməz okeanın böyük və qorxunc dəyişikliyini, həmişəkikimi, yeni qüvvəylə hiss elədi; xalqı – əli ürəyinin üstə, xəyallar qoynuna qərq olmuş vəziyyətdə təsəvvür eləyirdi; sən demə, onun – öz generalını guya hamıdan çox sevənlərin nifrəti necə dərin ola bilirmiş! Axı onun üçün, müqəddəs adamlar üçün edilən kimi, şam yandırırdılar, adını, doğan qadınların, ağır yüklərindən rahat qurtarması naminə çəkirdilər ki, ölüm yatağında olan qadınlardan ölüm uzaqlaşsın, amma həm də, onu doğana lənət yağdırırdılar… onun qədim somnambulik* limuzininin, güllə keçirməyən şüşəsindən iquana kimi qəmli gözlərini, hüznlü dodaqlarını, qız əli kimi incə əlini görəndə, anasını lənətləyirdilər… uzunboğaz çəkməsinin palçıqda yeri qalan izini öpürdülər, sonra da arxasınca lənət yağdırırdılar; şəhərin hər patiosundan, kimsəsiz iqamətgahın laqeyd pəncərələrindən çölə süzülən solğun işıqlar görünəndə, bir ağızdan ona ölüm diləyirdilər; «Bizi heç kəs sevmir…» - deyə o, köksünü ötürüb, rəhmətlik quş sənətkarının, sarıköynəklər rəssamının – anası Bendisyon Alvaradonun yataq otağına baş çəkdi; anasının, dəfn zirzəmisində saxlanılan bədəni çoxdan çürümüşdü. «Ölümün xeyrə qalsın, ana…» - o pıçıldadı. – «Ölümün xeyrə qalsın, oğlul…» - anası qəbirdən ona cavab verdi.
Bədənini bürüyən dəhşətli ağrılardan qovrula-qovrula, çırağı yataq otağının qapısındakı qarmaqdan asanda saat, düz on iki idi; ağrı hər yeri, bütün dünyanı, fəzanı tutmuşdu; dünyada ağrıdan başqa heç nə yox idi… qapının üç açarını, üç qıfılını, üç zəncirini çəkib bağladı; axırıncı dəfə gücənib, öz kiçik ayaqyoluna son qurbanını verdi, sonra əynindəiləri soyunmadan, bütün qəbul və audiyensiyalar ləğv olunandan sonra daim geydiyi, cod parçalı şalvarında, yaxasız, zolaqlı köynəyində, miskin yolçu başmaqlarında üzüqoylu vəziyyətdə yalın döşməyə sərildi, üzünü ovcunun içinə, yastığa basan kimi gizlədib dərhal yuxuya gntdi… üçə on dəqiqə işləmiş isə yuxudan, ağırlaşmış dumanlı başıyla, həmişə tufanqabağı olduğu kimi, tər-su içində ayıldı; «Kimdi?» - titrək səslə soruşdu və yadına düşdü ki, kim idisə, onu yuxuda çağırırdı, amma öz adıyla yox, beləcə: «Nikanor!..» Sonra bir də: - Nikanor!» Bu kim idisə, qıfıllara toxunmadan, divarların içindən keçməyi bacaran məxluq idi; diqqətlə baxıb gördü ki, bu - Ölümdü. – «O əynində, tövbəli günahkarın cır-cındırı, əlində, ucu qarmaqlı əsa olan - sizin ölümünüz idi, mənim generalım… kəlləsinə, məzarlıq otları sarılmış, sümüklərinin daraqlar arasından yeraltı çiçəklər cücərmiş, göz dəliklərində qədim falçının sınayıcı gözləri yanıb-sönürdü…» Onu başdan-ayağa görəndə isə o, onu niyə «Nikanor! Nikanor!»** çağrıldığını anladı. Axı, ürəyinə yatan hər bir adamı, Ölüm elə bu adla çağırır. O isə bərkdən: «Dayan bir, ölüm! Vaxtım hələ çatmayıb axı! Mən - yuxuda, yarıqaranlıq kabinetimdə ölməliyəm. Bunu mənə, suların aynasına baxan kor falçı qadın deyib…» - dedi. Ölüm isə: «Yox, general! Bu indi, özü də burda baş verəcək. Siz, əyninizdəki bu dilənçi paltarında - meyitinizi tapanlar, sizi bu kabinetdə, paqonsuz hərbi formada, sol tayı qızılı mahmızlı uzunboğazlarda tapdıqlarını desələr də, elə beləcə, ayaqyalın öləcəksiz. Onlar, görüm əfsanəsinin ziddinə getməmək üçün, buna inam itməməsi üçün belə deyəcəklər.» - deyə ona cavab verdi. O, ölümün dediyi qaydada – ölümü, həmişəkindən az istədiyi bir vaxt - uzun illərin bəhrəsiz illüziyalarından, özü-özünü aldatmasından sonra nəhayət, insanların yaşamadıqlarını, yalnız mövcud olduğunu dərk elədiyi ən uzun və yaradıcı həyatının yalnız sonunda - insan həyatını yaşamağı öyrənməyə çatdığını anlayan vaxt öldü. O, həyatının ümumi nəticəsini – bir vatxlar, falçıların kartı və xəttsiz ovuclarının əlamətinə görə, sevmək qabiliyyətindən məhrum olduğuna inandığından, insan sevgisini hakimiyyət sevgisi ilə əvəz etdiyini, ömrü boyu qəlbində hakimiyyət iblisini yetişdirərək, hər bir şeyi ona qurban verdiyini, özünü könüllü qurbana çevirdiyini anlayan bir vaxt öldü. O, öz şüşə kürəciyini dünyanın lap sonunacan ovcunda bərk-bərk saxlamaq üçün, bütün ömrünü yalan və cinayətlərlə qidalana-qidala, qəddarlıq və şərəfsizlik üzərində ucalmışdı, simiclik titrətməsini, anadangəlmə qorxusunu boğub gizlətmişdi və anlamışdı ki, hakimiyyət tamahı - hakimiyyətin də şiddətli hakimiyyət yanğısı doğurur, lakin, başa düşməmişdi ki, hakimiyyətdən, təkcə bizim dünyanın yox, heç o biri dünyaların da axırınacan doymaq mümkün deyil, mənim generalım!
Amma lap ilk günlərdən bilirdi ki, onu aldadan - ilk növbədə, ətrafındakı yaltaqlardı; o, onların, hər tərifə görə qabaq düşdüklərindən xəbərdar idi, onu sevinə-sevinə tərifləyən və əbədi həyat arzulayan kütlələrin silah gücünə saxlandığını bilirdi; bütün bunları yaxşı bilirdi və özünü bu yalanla, miskin, alçaq şöhrət həzlzəriylə yaşamağa öyrədirdi; axı, uzun-uzadı illərin təcrübəsindən dəfələrlə əmin olmuşdu ki, yalan – şübhədən sərfəli, sevgidən faydalı, həqiqətdən uzunömürlüdü; hökmranlığının biabırçı mərhələsinə gəlib çatanda isə, artıq o, heç nəyə təəccüblənmir, heç kim ona tabe olmayanda, yenə hökm eləməyinə davam edir, heç bir nüfuzu qalmayanda, heç olmasa, yan-yörəsindəkilərin ona tabe olmasından təsəlli tapırdı. O, yalınz öz payızının sarı xəzan illərində əmin oldu ki, heç bir vaxt həqiqi hakimiyyət sahibi olmayacaq, heç bir vaxt həyatı bütünlüklə qavraya bilməyəcək, çünki onun yalınz astar tərəfini dərk edə bilər, bünövrəsinin bənd yerlərini görə bilər, hansısa bağlarını açıb, illüziya qobeleninin - bu qaçılmaz reallıq qobeleninin naxışlı düyünlərini sökə bilərdi; o, lap son günlərinəcən anlamadı, ağlına belə gəlmədi ki, onun əsl, həqiqi həyatı, hamının gözü qabağında keçib; biz, onun bu həyatını tamam ayrı gözlə görürdük, mənim generalım, məzlumların gözüylə; biz onu, ağrı-acılarımızın bitib-tükənməyən illəri arasından - uzun-uzadı payızının qızılı xəzan illərinin arasından görə-görə, elə elə də yaşayırdıq; bədbəxtliyimiz bədbəxtlik, xoşbəxt anlarımız isə, ani də olsa, xoşbəxtlik idi; bilirdik ki, sizə olan sevgimiz, ölüm viruslu sevgidi, amma əsl sevgidi, əbədi sevgidi, mənim generalım! Vaqon pəncərəsinin tozlu şüşəsi araxasından görünən dumanlı xəyalınız, həyat məşəliydi; ötəri görünən məsum, titrək solğun dodaqlar, ipək əlcəkli əlin ayrılıq işarəsi – tale xətlərindən məhrum qoca əlin işarəsi – həyatımızın yanar məşəliydi. Biz, bu qocanın əslində kim olduğunu heç vaxt öyrənə bilmədik; onun, təsəvvürünə gətirməyə belə hünəri çatmadığı, bizimsə, tükənməz ehtirasla sevdiyimiz bu həyatın arxa və üz tərəflərini ayırd eləyə bilməyən bu cəllad, bizim mifimiz idi bəlkə?.. O, bizim anladığımız həqiqəti – həyatın çətin və ani olduğunu və bundan savayı ayrı bir həyatın olmadığını dərk eləməyə qorxurdu; bizsə, bu yeganə gerçək həyatımızdan xoflanmırdıq, çünki kimliyimizi yaxşı dərk edirdik, onun isə – şişkin qarnını zorla sürüyə-sürüyə gəzən bu qocanın kimliyi, son günəcən nə bizə, nə də özünə aydın olmadı və axır ki, o, ölüm qayığının çürük yelkənlərindən yapışaraq, bitib-tükənməz zamanının nəhayət ki, sona yetdiyi xəbərini insanlara, bütün dünyaya car çəkən təbillərin gurultusunu, kilsə zənglərinin səsini, bayram atəşfəşanlığını, küçələrə tökülüşüb qəlbləri, fərəh və qalibiyyət dolu sevinclə mahnılar oxuyan xalq kütlələrinin səsini eşitmədən, öz payızının son, donuq xəzəl axarıyla qaranlıq əbədiyyətə yollandı…
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
понедельник, 8 июня 2009 г.
на 22:54
Комментариев нет:
Отправить комментарий