Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


вторник, 2 июня 2009 г.

A. MƏSUD


«VƏTƏN nədən başlayır?..
ƏLİFBA - nın ilk hərfindən…»

Çağdaş rus poeziyasından




Əgər yadınızdadırsa, bir neçə il bundan əvvəl, ibtidai siniflərdə keçilən, əcayib şəkillər və mətnlərlə dolu «ƏLİFBA» dərsliyi haqqında yazdığım «Qorxulu Əlifba», daha bir il sonra «Əvəzolunmaz Yəhya Kərimovun Azərbaycan dili dərsliyi» başlıqlı məqalələr, hər iki dərslik müəllifinin (əgər onlara «dərslik» demək mümkün idisə) təhqirlər dolu, əsəbi cavablarıyla «dəf edildi».
Lakin növbəti dərs mövsümü, uşaqlarımızı illərlə «maarifləndirmiş» bu «kitablar» tədris dövriyyəsindən çıxarıldı.
İbtidai təfəkkürü «Qorxunc Əlifba»-yla formalaşmış bəsit düşüncəli vətəndaşlar isə bizimlə qaldı…


İxtisasca bioloq olan və uzun illərdən bəri Kənd Təsərrüfatı nazirliyində məsul vəzifələrdən birində çalışan böyük qardaşım İlyas, təxminən, 80-ci illərin ortalarında mənə belə bir əhvalat danışmışdı ki, qonaq olduğu hansısa məclisdə, Şekspirin «Hamlet» əsərindən söz düşərkən, məclis əhlindən birinin - yüksək rütbəli ədliyyə işçisinin söhbətə qarışaraq: «Hamlet fransız şairi olub, özü də kor.» - deməsindən təəccüblənmiş, müsahibinin səhvini düzəltməyə çalışaraq: «Siz nəyisə qarışdırırsınız, Şekspirin yazdığı Hamlet Danimarka krallığının şahzadəsidir.» -demişdisə də, ədliyyə məmuru əsəbiləşib özündən çıxmış, qəribə bir bədgümanlıqla qardaşıma: «Siz ədəbiyyatçı deyilsiniz, odur ki, bilə bilməzsiniz. Hamlet fransız şairi olub, özü də kor.» - deyərək, mübahisəni qapadmışdı.
O vaxtlar ədəbi savadsızlığına bir xeyli gülüşdüyümüz ədliyyə məmurunun bu əlamətdar «çıxışı» yadımdadı ki, onda bizdə həqiqi heyrət doğurmuşdu. Belə bir sanballı vəzifə sahibinin, bu məlum və məşhur ədəbi personajı tanımaması, o illər bizlər üçün həqiqətən, «xoruz səsi eşitməyən» əcaib nonsens idi.
Bu gün isə, elementar ibtidai savadı axsayan elm və təhsil adamlarımızın, kənd təsərrüfatı və səhiyyə işçilərimizin, maarif və mədəniyyət nümayəndələrimizin, jurnalistlərin və yüksək rütbəli məmurların və s.-nin, əslində, gülüş doğurası bu sayaq «deyimlərinə» daha gülməyimiz gəlmir. Gündəlik həyatımıza, efir və danışıq mədəniyyətimizə, kitablarımıza və ədəbi əsərlərimizə, bunlarla bir, bütövlükdə mənəviyyatımıza hopmuş bu cəhalət dalğasının bulanıq sularında boğulub ölməməkdən ötrü bir qədər kənara çəkilmək, hər şeyə yenidən baxmaq, bizləri bu mənəvi iflasa, əqli şikəstliyə sürükləyən amillərin qaynaq və mənbələrini arayıb-axtarmaq ehtiyacı duyduqca, bu gün hər şeyi əldə edə-edə, ən qiymətli sərvətini - Ruhunu itirmək üzrə olan Məmləkətimizin şah damarında – illərdən bəri simasını dəyişdirməyə çalışdığımız Təhsil və Tədris Mədəniyyətimizdə, bu mədəniyyətin özəl mahiyyət daşıyıcısı olan dərsliklərimizdə ilişib qalırıq...

Dərsliklər və Ədəbiyyat
Hər il dövlət büdcəsindən ölkə təhsilinin müxtəlif sahələrinə külli miqdarda maddi vəsait ayrılır, bu vəsaitlərin hesabına yeni-yeni məktəb binaları tikilir, bir çox təhsil müəsissələrində təmir və abadlıq işləri aparılır, bədii-estetik səviyyəsi ilə müasir nəşr tələblərinə cavab verməyə cəhd edən dərsliklər buraxılır. Kifayət qədər dövlət vəsaiti və insan zəhməti sərf olunan bu mütərəqqiəhəmiyyətli işlər, ölkənin maarifçilik ənənələrinin uğurlu davamı kimi qiymətləndirilsə də, təhsil və maarifçiliyin mahiyyət daşıyıcısı, ayrı sözlə desək, onun keyfiyyət göstəricisi olan dərslik tərtibi mədəniyyətimizin, illər uzunu davam etməkdə olan fəsadlı durumunu dəyişə bilmir.
Balalarımıza, az qala həkim ressepti ilə yazılmış dərman kimi, gündə-gündə, illərlə «yedirtdiyimiz», yemək istəməyəndə, ürəkləri bulana-bulana boğazlarına tökdüyümüz dərsliklərimizin, gələcəyimiz üçün hansı təhlükə olduğunu anlamaqdan ötrü cəmiyyətimizin bu günkü mənəvi durumuna - ali savad sahiblərimizin danışıq və davranış mədəniyyətinə, «mütəxəssilərimizin» peşəkarlıq qabiliyyətinə, alim və müəllimlərimizin intellektinə və dünyagörüşünə, mədəni həyatımızda baş verən anomal əcayibliklərə – ədəbi fikir meydanında at oynadan şair-müfəttişlərin, romançı-prokurorların, aqronom-dramaturqların «yazıb-yaratdığı» və bu gün, «milli ədəbiyyatımızın simasını təyin edən əsəsrlər» qismində dərsliklərimizə daxil edilməkdə olan «ədəbi nümunələrə», efirlərimizə nəzər yetirsək, kifayətdir.
Bütün bu məşəqqətlər, ürəkbulandıran və qanqaraldan mənzərələr bizləri, həlli qaçılmaz olan, mühüm və vacib bir dilemma ilə ilə qarşı-qarşıya qoyur:
əgər biz, intellektual və mənəvi kasadlığından, insani və təhsil savadsızlığından, heysiyyətsizliyindən və vətəndaşlıq qabiliyyətsizliyindən, həmin bu keyfiyyətlər üzündən də, ifrat maddiləşməsindən və deqradəsindən əziyyət çəkdiyimiz cəmiyyətimizi mümkün qədər sağlam və mütərəqqi görmək istəyiriksə, ilk növbədə, bizləri uşaq yaşlarımızdan əqli və ruhi cəhətdən formalaşdıran, dünyagörüşümüzü və intellektimizi qurub-yaradan dərsliklərimizə, bu sahənin intellekt və maarifçilik səviyyəsinin yetərliyinə, milli və dövlətəhəmiyyətli məsul məsələ kimi yanaşmalı olduğumuzun ciddiliyini anlamalıyıq.
Bu kontekstdə, Ədəbiyyat fənninin, yeniyetmə yaddaşı məhdud ixtisaslar üzrə savadlandıran coğrafiya və biologiyadan, fizika və həndəsədən, cəbr və astronomiyadan, tarix və kimyadan özəl və fərqli üstünlüyünü – tək bir əqli və intellektual qavrayışın yox, insan atributu üçün həyatəhəmiyyətli olan mənəvi quruculuq qabiliyyətini etirf etməli, maarifin məhz bu sahəsinə daha həssas və ciddi yanaşılmanın fərqində olmalıyıq. Məşhur «Alim olmaq asandır, insan olmaq çətindir.» - deyiminin açması da budur.
İlk əvvəl, Ana dili və Ədəbiyyat dərsliklərininin məni – ev, idarə və yaradıcılıq işləriylə kifayət qədər məşğul adamı narahat etməsinin səbəbləri barədə:
Günlərin bir günü mən necəsə, yerli oxucu üçün «hədsiz qəliz», dünya oxucusu üçün isə, hətta tərcümədə belə, kifayət qədər asan qavranılan əsərlərimin, həmçinin, neçə illərdən bəri bilavasitə tərcüməsi və «Xəzər» dünya ədəbiyyatı jurnalında nəşri ilə məşğul olduğum aparıcı dünya ədəbiyyatı nümunələrinin «çətinliklə dərk edilən» oxu vəsaiti olduğunu hiss edib, bu kütləvi ədəbi qabiliyyətsizliyin nədən və hardan qaynaqlandığını, bir vaxtlar işıqlı maarifçiləri və ədəbiyyatpərvərliyi ilə göz yaşardan milli oxucumuzu bu sayaq fikir və duyğu darısqallığına, qəlb cəhalətinə sürükləyənin nə olduğunu araşdırmağa başlamışdım. Və uzun axtarışlardan sonra bu milli bəlanın, heç bir «məkrli dünya siyasəti»- nin, yaxud, «gizli düşmən qurğusu»-nun, milli düşüncəmizin məhvinə yönəltdiyi dağıdıcı deqradə proqramı olmadığını, bu ürəkağrıdan qəlb azarının, nə qədər qəribə və kədərli də olsa, əassən, bizim öz doğma və əziz məktəblərimizdən - məktəb divarları arasında övladlarımıza mənimsətdiyimiz, uşaq qavrayışı üçün hədsiz mürəkkəb və maraqsız, quru, elmi fikirlər, səhvlər və təkrarlar dolu dərsliklərimizdən - bu sıradan, insanın ağıl və qəlb dünyasına güclü sirayət qabiliyyətinə malik olan Ədəbiyyat və Ana dili kitablarımızdan bəhrələndiyini anlamışdım… Və mənim üçün gözlənilməz olan bu qənaətimdən, məşum 20 yanvar hadisələri zamanı, qəfildən dövlətsiz və ordusuz bir məmləkətin vətəndaşı olduğumu duyub sarsılan tək, sarsılmışdım...


RUS DİLİNƏ SEVGİ


Bu gün öz prioritetini, sovetlər dönəmində olduğu qaydada qoruyub saxlayan rusdilli məktəblərimizin «xoşagəlməz liderliyinin» səbəbini bilməkdən ötrü, hər iki bölmənin tədrisində istifadə olunan Ədəbiyyat və Ana dili dərsliklərinin (söhbət, Rusiya nəşrlərindən gedir) tərtib səviyyəsinə, bu dərsliklərə salınan ədəbi nümunələrə və mətnlərə nəzər salmaq kifayətdir. Bəlkə bu müqayisə ilə biz, «Azbuka» – nı, S. Puşkin, M. Svetayeva, B.Pasternak, F. Tütçev, S.Yesenin, İ. Bunin, A. Çexov, A. Tolstoy və digər bu kimi ədəbi korifeylərin şer və hekayələri ilə mənimsəyən rus balalarından fərqli olaraq, ədəbiyyatı, uzun illərlə bizim «Qorxulu Əlifba»- yla - bu kitabı «bəzəyən» Qiyas Əcayib, Yəhya Kərimov, İsmayıl Soltan, Emin Mehdiyev, Məstan Günər və sair bu kimi «şair və yazıçıların» «yaradıcılığı» üzrə mənimsəməyə məhküm edilmiş gənc nəslin, bu günkü intellekt və savad səviyyəsindən narazı qalmağa haqqımızın çatmadığını anlayarıq.
Təhsil dövrəyyəsinə, ilbəil cüzi dəyişikliklərlə, yaxud, ümumi səviyyəsinə heç bir «xələl yetirilmədən», başdansovdu düzəlişlərlə buraxılan bu dərsliklərdə yer almış ədəbi mətnlər və ədəbiyyatlar, bu dərslikləri tərtib edən insanların, Azərbaycanın ədəbiyyatı və dili barədə hansı məlumata malik olduğu barədə ətraflı düşünmək ehtiyacını yaradır. Bu qisimdən gətircəyim misal, bir neçə il bundan əvvəl, dərsliklərlə bağlı araşdırmalarım zamanı əlimə keçmiş - rus bölməsinin ibtidai sinifləri üçün «Azərbaycan dili» dərsliyindən (M.Musayev) götürülüb. Şagirdləri Peyğəmbərimizin şəxsiyyəti ilə tanış edən «Həzrət Məhəmməd Mustafa» mətni bu cümlələrlə başlayırdı:

«Peyğəmbərimiz hər cəhətdən gözəl insan idi. Bədəni xoşətirli və tərtəmiz idi. (?) Ətir səpə-səpə də bədəni və təri ətrafa ən gözəl ətirlərdən də daha yaxşı qoxu saçardı. (?) Onunla görüşən şəxs bütün gün ərzində onun gözəl ətrini duyurdu. Mübarək əlini hansı uşağın başına çəksəydi, həmin uşaq öz gözəl ətri ilə digər uşaqların içində seçilərdi.
Bədəni gül kimi çəhrayıya çalan bəyaz rəngli, nurlu və parlaq, ipəkdən yumşaq, alnı geniş idi.
Söhbət edərkən, sağ əlini sol əlinə yaxınlaşdırır və sağ əlinin baş barmağını sol ovcuna vuraraq danışardı. (bu hərəkəti bir anlıq təsəvvürünzdə canlandırın – A.Məsud)

Beləcə, yaxın bir ilə qədər həmin rus bölməsinin yuxarı siniflərində keçilən digər «Azərbaycan dili» dərsliyinə, (səhv etmirəmsə, 7 - ci sinif «Azərbaycan dili» dərsliyi) uşaqlar üçün kifayət qədər ibrətamiz şerlər yazmış Seyid Əzimdən daxil edilən «Kak povesili mertvetsa» əsərinin - aşnasıyla sövdələşərək, gecəylə ərini öldürən, onu xəlvət gecəylə torpağa basdırıb o biri gecə isə qəbri qazaraq, ölmüş ərinin barmağından üzüyünü sivirən tamahkar, zinakar qadının fitnələrindən bəhs edən nəzm parçasının, 12 yaşlı yeniyetmələrin nəzərinə hansı məqsədlə çatdırıldığı da öz qaranlıq mahiyyətini açmırdı.
Məsələnin daha qaranlıq tərəfi – dərsliklərdə illər uzunu yer alan bu sayaq halların, sonradan aradan qaldırılsa da, rus bölməsində bu gün keçilən Azərbaycan dili dərsliklərinin («Azərbaycan dili» - 8 , Yeni Nəşrlər Evi, 2005; «Azərbaycan dili» - 4 – YNE 2005; «Azərbaycan dili» - 8 –YNE 2009) tərtib taleyinin yenidən həmin bu müəlliflərə - Azərbaycanın dilini və ədəbiyyatını olsun ki, vaxtı ilə müfəssəl şəkildə mənimsəsəmiş həmin «mütəxəssislərə» həvalə edilməsidir.
«Rəvayət»- i, «predanie» əvəzinə, «versiya», «milli zəmin» - i, «natsionalnaya poçva» əvəzinə, «narodnoe dostoyanie», «ətalət» - i, «inersiya» əvəzinə, «len», «sənətkar» - ı, «master» əvəzinə, «deyatel», «yandırıb-yaxmaq» - ı, (mətn üzrə) «priçinyat bol» əvəzinə, «vosplamenyatsa», «gəlin-ana» - nı, «molodaya mama» əvəzinə, «nevesta-mat», «inci saflığı» - nı, «jemçujnaya çistota» əvəzinə, «nejnaya çistota», «yaylağ» - ı, «daçnoe mesto» (sən demə, Apşeron yaylaq imiş?!.. A.Məsud) və sair və ilaxır kimi təqdim edən, rəvanlığı və sadəliyi ilə dünyanın aydın və mükəmməl dillərdən sayılan azərbaycan dilini «yetik», «mədfən», «kahıl», «müstəcəb» (səh.12), «fəraq», «müştaq durmaq», «sərəfraz», (s.19) «asüftə», «bica» (s. 25), «səba», (s.34) «sədparə», (s.34) «bəççə», «ün», (s.72) «sərazad»,(s.85) «faraş», (s.89) «qutan»,(s.54) «vağ», «bərzək» (s.54) («Azərbaycan dili» - 8 , YNE, 2009) və sair bu kimi, fars mənşəli, arxaik ifadələrlə mənsimsədən bu «peşəkarların», illər uzunu tənqid olunduqca, öz «fəaliyyətlərinə» həmin məcrada davam etmələri təəccüb doğurur.
«Qol saatı nisbətən yaxın vaxtlarda, I dünya müharibəsinin sonunda meydana gəlməyə başlamışdır.» (?) (s.19)
«Vaxtilə Pənah xan Bərdə xanına qonaq gəlir. (s.21)
«Görün o zaman böyük rus yazıçısı L.N.Tolstoy nə yazır.» (s.34)
«Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə avqust ayının 1- i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir. (s.12) (günü də təsis etmək olarmış… - A.Məsud)
«İlin çərşənbə günləri sabah erkən axar suyun üstünə çıxırlar. (Bu, lap möcüsədi!.. A.Məsud)
Adıçəkilən dərsliklərdə rast gəlinən bu sayaq naqisliklər, əfsuslar olsun ki, tək bir bununla bitmir.


Sadəlik – dahiliyin anasıdır.


Lakin, hələ ki, bu dəfə söhbət, rus bölmələrində keçilən, ayrıca və ətraflı araşdırmalara ehtiyaclı olan bu fəsadlı «dərslik yığımından» yox, bəlamızın daha köklüsündən - bizim doğma ana dilli məktəblərimizdə tədris olunan Ədəbiyyat dərsliklərindən – balalarımızın qəlbini və əqidəsini cilalamalı olan, müqəddəs məramlı kitablardan gedəcək.
Haqqında söz açacağım dərsliklər «Qorxulu Əlifba» qədər faciəvi və qorxunc olmasalar da, bir sıra qüsurlu cəhətləriylə – ədəbi seçim kasadlığı, mövzu çevrəsinin məhdudluğu, uşaq qavrayışı üçün həzmedilməz qəlizliyi, sinifdən-sinfə müşayət olunan mətn təkrarlığı və digər bu kimi nöqsanlı tərəfləriylə nəzər-diqqəti cəlb edir.
Mətləbə keçməzdən, ilk əvvəl bunu vurulamağı vacib bilirəm ki, bu gün, ümumən bütün dərsliklərimiz barədə dönə-dönə deyilən: «Dərsliklərimiz hədsiz çətin və anlaşılmaz dildə yazılır…» - fikri, sadəcə, balalarını məktəb və dərslik əziyyətindən qorumağa çalışan valideyn şıltaqlığı yox, dünyanı və özünü həmin bu dərsliklərin köməyi ilə, anlamağa cəhd edən uşaqda və yeniyetmədə, «məktəb» və «dərslik» anlayışlarına yarana biləcək xoşagəlməz müqavimətin qarşısını almaq cəhdidir.
Zorla yedirdilən ən xeyirli qida bədənə artıq əziyyətdən və zərərdən savayı heç nə vermədiyi kimi, burda da lüzumsuz elmilik, yaxud, bəsit uşaq qavrayışına hesablanmamış elmi-texniki, ədəbi qəlizlik, qurama diferambalardan, konyuktur əqidəçilikdən azad uşaq qəlbinə daxil ola bilmir və bu səbəbdən, dərsliklərdə yer alan tərif və düsturlar, mətn və tapşırıqlar, eləcə də dəyərli ədəbi nümunələr, onları cani-dildən mənimsəməyə çalışan yeniyetmənin əqli və mənəvi dünyasında, anlaşılmaz qarışıqlıqdan, «təhsil», «kitab» və «dərslik» anlayışlarına, yadlıqdan və anlaqsız xofdan savayı ayrı bir hiss oyadmır. Nəticədə, öyrənilməsi mütləq buyurulan elmi və ədəbi mətnlər, o sıradan, yeniyetmə qəlbin formalaşması üçün zəruri bilinən ədəbi nümunələr yaddaşlara həkk olunmur; onlar, sadəcə, əzbərlənir və unudulur. Bu arzuolunmaz mənzərə özünü, gələcək nəslimizin ədəbi-mənəvi dünyasını yetkinləşdirməli, bədii təsəvvürünü zənginləşdirməli olan Ədəbiyyat dərsliklərində daha qabarıq biruzə verir.
Vaxtı ilə öz duyğu və düşüncələrini yaşadıqları dövr və ərazi tələbi ilə fars dilində yazmış orta əsr ədiblərimizin yaradıcılığından dərsliklərə salınan ədəbi nümunələr dil və ifadə qəlizliyi ilə yanaşı, uşaq qavrayışının imkanlarını nəzərə almayan mövzu uyğunsuzluğu ilə də diqqət çəkir. Bu kompleks çətinliyin uşaq təsəvvürünün hansı imkanlarıyla «ram ediləcəyi» isə, qəribədir ki, dərslik tərtibçilərini narahat etmir.
Bu sıradan, sadə uşaq təfəkkürünün asanlıqla qavraya biləcəyi neçə-neçə aydın məzmunlu şer və poemalar müəllifi Nizami Gəncəvidən, 5-ci sinif Ədəbiyyat dərsliyinə (S.Hüseynov, Ə.Quliyev, B.Həsənli) salınmış, qavranılması yetkin yaşlı, peşəkar oxucu üçün də bir o qədər asan olmayan dərin fəlsəfi «Minacat» şerinə nəzər salaq:

Xudaya! Gilimiz mayələnərkən,
Bir vəsiqə yazdın o gün bizə sən…
Sənin xidmətində buyurdun duraq,
Muzdunu verməi vəd etdin ancaq.

Bizə özümüzü unutmaq üçün,
Kömək et ki, olaq sənin xidmətçin
İzzət sarayına layiq görünən,
Bir xidməti ummaq olarmı bizdən? (səh. 72)
(ardı var…)

Nümunə gətirdiyim şeri əzbərləməyə «məhkum edilmiş»10 yaşlı uşağın, bu qəliz sufi fəlsəfəsini dərk etməkdən ötrü, öz çəlimsiz təfəkkürünün hansı tərəfini işə salmalı olacağını, «çulunu» bu mürəkkəb «tədris məşğələsindən» necə çıxaracağını düşünəndə, hər gün səhərin ala-toranında yuxudan oyanıb, kürəyində kitab-dəftərlər dolu ağır çanta, məktəbə yollanan bu balaca bacı-qardışlarımızın halına acımaya bilmirsən.
«Milli ədəbiyyatımızın kasadlığından əziyyət çəkən» dərslik müəlliflərinin növbəti «pedoqoji kəşfi» - dünya fikir tarixinə neçə-neçə ədəbi düha bəxş etmiş zəngin şeir xəzinəmizdən «tapılan» həmin Nizami Gəncəvinin dərsliyə ikinci dəfə – bu dəfə kitabın axırına yaxın (səh. 205) «Kərpickəsən kişinin dastanı» - ı və həmin əmmaməli şəkli ilə bir, təkrarən salınmasıdır. Uşaqların nəzərinə, dərsliyin əvvəlində qəliz «Minacat»la gələn Nizamini, sonradan onlara, sadə «Kərpickəsən kişinin dastanı» - ıyla təqdim edən kitab müəlliflərinin bu «novator tərtib siyasətinin» hansı məntiqi əsaslara söykədiyini anlamaq çətindir.


…Uşaq qavrayışına, onun maraq dairəsinə hesablanmamış bu sayaq mətn və ədəbiyyatlara, orta və yuxarı sinif Ədəbiyyat dərsliklərinin demək olar, hər birində rast gəlinir. İdeya və məzmun baxımından, yeniyetmə təfəkkürünün onsuz da çətinliklə qavradığı, yaxud, ümumiyyətlə, qavramaq iqtidarında olmadığı bu qədim ədəbi nümunələr, sıravi mütaliə vərdişinə hələ mükəmməl səviyyədə alışmamış uşaqların, onsuz da çətin vəziyyətini ikinci bir cəhəti ilə - dil və ifadə qəlizliyi, bunlardan doğan fikir anlaşılmazlığı ilə bir az da çətinləşdirir.
Qəliz fars ifadələriylə yazılmış bu əsərlərin, dərslik səhifələrinin az qala yarısını tutan uzun-uzadı lüğətlərlə təqdim edilməsi üsulu isə, gənc nəsillə, bu böyük Ədəbiyyat arasında aşınmaz, keçilməz Ünsiyyət Səddi yaratmaqla, hər iki tərəfə öz tutarlı zərbəsini vurur. Dərslik səhifələrində nizam ardıcıllıqla ver alan bu dolğun lüğətlərin, şagirdlərin bədii düşüncəsinin formalaşdırılması prosesində köməkçi vasitə rolunu oynadığı, yoxsa, bəlkə, uşaqlara, fars dilinin bu sayaq «poetik üsulla» öyrədilməsi metoduna işlədiyini ayırd etmək olmur.
Bu sıradan, 8-ci sinif ədəbiyyat dərsliyinə salınmış ədəbi nümunələrə – Fizuli yaradıcılığından seçilmiş ictimai-fəlsəfi məzmunlu «Padşahi mülk»- ə, Nəsimidən seçilmiş «Mövsimi-Novruzü Neysan» - a, Xətayinin «Bahariyyə» - sinə, S.Ə. Şirvanidən, ruhani və təriqət mövzusuna özəl və mübahisəli yanaşma ilə yazılmış «Müstəhidin1 təhsildən qayıtması» - na, bir çox aydın və sadə şerlər müəllifi Sabirdən, azğın və harın həyat aşiqinin diliylə yazılmış mürəkkəb bədii üslublu «Bir cibimdə əskinasım» -a və digər bu kimi ədəbi mətnlərə nəzər yetirək:

Padişahi-mülk dinarü dirəm rüşvət verib
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhrikiylə bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
(Fizuli – «Padişahi – mülk» 8-ci sinif Ədəbiyyat dərsliyi səh.58)

yaxud,
Əski dünya yengixələt geydi bu mövsimdə uş
Çöhrəsi dövrü bu gün nəqşü nigar oldu yenə
Nərgisi gör cam əlində mey sunar ariflərə
Jümləsin məst eylədi, kəndi xumar oldu yenə.
(Nəsimi – «Mövsimi-novruzü neysan» həmin dərslik, səh. 39.)

Göründüyü kimi, on dörd, on səkkiz misradan ibarət olan bu şeir nümunələri «rüşvət verib», «eylər», «yuz» «alır» və bu kimi, tək-tük azərbaycan sözlərini çıxmaq şərti ilə, bütövlükdə lüğət vasitəsiylə öyrənilməyə ehtiyaclıdır və bu səbəbdən, mənimsənilməsinin, sütül uşaq qavrayışı üçün hansı iztirablar və əziyyətlər bahasına başa gələcəyi aydındır.
. Qədim və orta əsr klassiklərimizin orta təhsildən öyrənilməsini vacib bilən və bu qərarlarında tamamilə haqlı olan dərslik tərtibçilərimizin, işi bu səviyyədə qurmaları - məkan və zaman məhkumluğu ilə fars dilində yazılmış və bu səbəbdən, tərcümə ələyindən keçirilməsi mütləq vacib olan ədəbi nümunələrin uşaqlara, qədim, uzaq qərinələrdə yazıldığı şəkildə - az qala, daş kitabələrdə təqdim etməkdən çəkinməmələri, bu dəyərli ədəbiyyatların yeniyetmə yaddaşında, qədimliyi və bu səbəbdən də dərkedilməzliyi ilə, vaxtı ötüb keçmiş, toxunulmaz muzey eksponatları qismində saxlanılması ilə nəticələnir.
Halbuki, bu sayaq «qəliz» ədəbiyyatların orta məktəb tədrisində mənimsədilməsi üçün nümunə ola biləcək 7-ci sinif Ədəbiyyat dərsliyindən - (N.Jəfərov, N.Araslı, S.Hüseynov) – bu dərslikdə Xaqani Şirazidən yer almış «Gənclərə nəsihət» şerinin təqdimat mədəniyyətindən yararlanmaq olardı. Dərsliyə, Xaqani Şirvani yaradıcılığından

1.Müstəhid – dini qanunları, ehkamları təfsir və şərh edən baş ruhani



salınmış bu nəzm parçası, ideya və mövzu baxımından, sadə uşaq təfəkkürünün imkanlarını nəzərə almaqla yanaşı, istedadlı şair Ələkbər Ziyatayın uğurlu tərcüməsində rahat mənimsənilən və yaddaşlara asanlıqla oturan şeir nümunəsinə çevrilir. Qədim ədəbiyyatları bu sayaq təqdim edən «hadisəyə» isə, əfsuslar olsun ki, ibtidaidən 11-ci sinifə qədər istifadə olunan ədəbiyyat dərslikləri arasında yalnız bir dəfə rast gəlinir.

Fitnə törətmə, ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.

Jana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edər onu tarimar.

Hiylə - oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli...

Aydın, səlist azərbaycan dilində yazılmış bu şerin, asanlıqla anlanacağı, uşaqlar tərəfindən birnəfəsə əzbərlənəcəyi şəksizdir.


***

Ədəbiyyat dərsliklərimizdə yer alan uğursuz mətn seçimi, tək bir, qəliz ifadələrlə zəngin olan klassik poeziya nümunələri ilə bitmir. Bu arzuolunmaz mənzərə özünü, yaxın və müasir dövr ədəbiyyatlarından salınmış mətnlərdə də biruzə verir.
Bu sıradan, təkcə 7-ci sinif Ədəbiyyat dərsliyinə nəzər salsaq, burda - Əbdürrəhimbəy Haqverdiyev yaradıcılığından yer alan - maraqlı oğru taleyinin incəliklərini ustalıqla təsvir etməklə, yeniyetməyə nə aşılayacağı məlum olmayan «Şeyx Şəban» hekayəsinin, yaxud, bir sıra işıqlı uşaq şerlərinin müəllifi Osman Sarıvəllidən salınmış, ədəbi cəhətdən hədsiz uğursuz «Gətir, oğlum, gətir» şerinin, yaxud, mərhum yazıçı Fərman Kərimzadənin «Qələbə» romanından seçilmiş, yarımçıqlığı və mövzu uyğunsuzluğu səbəbindən, nədən bəhs edildiyi tam aydındlığı ilə məlum olmayan nəsr parçasının, Yusif Vəzir Çəminzəminlinin, yetkin oxucu təfəkkürünə hesablanmış «Yurd sevgisi» romanından, həmin anlaşılmaz yarımçıqlıqla seçilmiş mətnin və sair bu kimi, yerində işlənməyən ədəbi nümunələrin, bədii təfəkkürü yetkinləşmə prosesində olan orta məktəb şagirdinin mənəvi aləmi üçün hansı əhəmiyyət kəsb etdiyi aydın deyil.


«Kasad» milli ədəbiyyatımız…


Ədəbiyyat dərsliklərimizin digər ümumi qüsuru – bu kitabların dünya ədəbi fikir məkanına neçə-neçə incilər bəxş etmiş qədim və zəngin ədəbiyyatımızı orta məktəb tədrisində hədsiz kasad mənzərədə – milli bədiyyatımızı sinifdən-sinfə təkrar-təkrar «təmsil edən» yığcam ədiblər dəstəsiylə təqdim etməsidir.
Milli ədəbiyyatımızın, dərsliklər boyu anlaşılmaz bir inadkarlıqla sinifdən-sinfə, təkrar-təkrar - Nizami və Nəsimi ilə, Xaqani və Xətayi ilə (Fizuliyə, 8-ci sinif Ədəbiyyat dərsliyində bir dəfə rast gəlinir) təqdim edilməsi, yaxud, müasir və yeni dövr ədəbiyyatımızın, həmin anlaşılmaz inadkarlıqla eyniadlı mülliəflərlə - əsasən, Səməd Vurğun və Mirzə İbrahimovla, Süleyman Rüstəm və İlyas Əfəndiyevlə, Bəxtiyar Vahabzadə və Fikrət Qocayla təmsil olunması, yumşaq desək, maraq doğurur.
Məsələnin digər qaranlıq tərəfi - «Ədəbiyyatı öyrədən» bu dərsliklərin heç birində (ibtidaidən başlayaraq, 11- ciyə qədər) nədənsə, bircə dəfə də olsun, yer almayan, lakin əslində dərsliklərin təşkil etməli olduğu ədəbi qaynaqlarımızın - tarixi roman ustası - Məmməd Səid Ordubadinin, yaxud, parlaq maarifçimiz - Nəriman Nərimanovun, neçə-neçə yaddaqalan uşaq hekayələri müəllifi Tağı Şahbazi Simürğün, yaxud əsərləri asanlıqla mənimsənilə biləcək İsmayıl bəy Qutqaşınlının, Mirzə Şəfi Vazehin, Abasqulu ağa Bakıxanovun, Seyid Hüseynin, yaxud, «Jan nənə, bir nağıl de…» şeiri ilə ibtidai siniflərdən yer almalı olan Əhməd Jəmilin, Azərbaycanın ilk romançılarından olan Əbülhəsənin, Qarabağ dərdimizin qədim tarixini açan «Zəngəzur» - un müəllifi Əyyub Abasovun, dilimizə minlərlə yeni sözlər və ifadələr gətirmiş, uşaqlar və yeniyetmələr üçün neçə-neçə dəyərli nağıl və hekayələr yazmış Əli Vəliyevin, ibrətamiz təmsillər müəllifi - Hikmət Ziyanın, Fikrət Sadığın, Azərbaycanın dəyərli qadın yazarı, neçə-neçə tarixi romanlar müəllifi Əzizə xanım Jəfərzadənin, eləcə də, neçə-neçə görkəmli ədiblərimizin yer almaması və bu yerlərin, niyəsə «Uzaq sahillərdə» filminin rejissoru, istedadlı sənətkar Həsən Seyidbəylinin (?) həyat və yaradıcılığına, (5-ci sinif Ədəbiyyat dərsliyi, səh. 183.) yaxud, peşəkar ədəbiyyat çevrəsindən kənarda qələm sınayan, keçmiş qaz idarəsinin rəisi Hüseynbala Mirələmovun «ədəbi irsinə» verilməsidir. (11-ci sinif Ədəbiyyat dərsliyi)
Orta təhsil sistemində istifadə olunan ədəbiyyat dərsliklərində yer ala biləcək digər ədəbiyyatları da xatırlamaq yerinə düşərdi.
Bu sıradan qədim və orta əsr ədiblərindən ilk növbədə yada salınası mütəfəkkir - Azərbaycan dilində ilk şeir nümunəsini yaratmış Həsənoğludur. (Həsənoğlunun yaradıcılığı indi «adları unudulmuşlar» siyahısına salınmış digər ədiblər kimi vaxtı ilə (1960 -1988 - ci illərdə) orta məktəblərdə tədris olunurdu.)
Zəngin ədəbi irsimizdən dərsliklərdə yer almamış digər dəyərli söz sahibləri – orta əsrlərdə səlis azərbaycan dilində yazıb yaratmış 14-cü əsrin şair-hökmdarı - Qazi Bürhanəddin, Neymətullah Kişvəri, Əssəhəddin Hidayət, Məhəmməd Əmani, Məsihi, Saib Təbrizi, Həbibi, Qövsi Təbrizi, Mir Möhsün Nəvvab, Natəvan yaxud, Məhcur Şirvani, Molla Vəli Vidadi, Nişat Şirvanidir. «Yada düşməyənlər» siyahısından olan digər qüdrətli mütəfəkkirlərimiz - fars dilində yazsalar da, əsərlərinin müəyyən qismi dilimizə Əliağa Vahid, Mir Mehdi Seyidzadə, Məmmədağa Sultanov, onun qardaşı Rəhim Sultanov, Mübariz Əlizadə, Balaş Azəroğlu, Ələkbər Ziyatay kimi tanınmış şairlər və tərcüməçilər tərəfindən çevrilmiş Marağalı Əvhədi, Əssar Təbrizi, Qasım Ənvar, Mahmud Şəbüstəri, Fələki Şirvani, Mücirəddin Beyləqani, Nizamidən əvvəl yazıb-yaratmış böyük Qətran Təbrizi, yaxud Ruminin ustadı Şəms Təbrizi, eləcə də lirik rübayiləri ilə dünyanın diqqətini çəkmiş Məshəti Gəncəvidir.
Yeniyetmənin müasir dünya barədə görüşlərini formalaşdıran yeni dövr ədəbiyyatımızın da dərsliklərdə yetərincə təmsil edilməməsi, ciddi nəsrin nümayəndələri - Sabir Əhmədlinin, Çingiz Hüseynovun, Seyran Səxavətin, eləcə də digər maraqlı nasirlərimiz Şahmarın, Vaqif Nəsibin, həmçinin, yeniyetmə təfəkkürünün asanlıqla qavraya biləcəyi neçə-neçə mükəmməl poetik nümunələr yaratmış Musa Yaqubun («Bu dünyanın qara daşı göyərməz»), Vaqif Bayatlının (Səs salma, ay qağayı», «Bu dağlar bürcü-bürcü»), Ramiz Rövşənin («Qara-qara qarışqalar», «Kəpənək qanadları»), Zakir Fəxrinin («Mən - Qarabağsız…», «Qalmaz belə, qalmaz dünya»), gözəl uşaq şeirlərinin müəllifi Eldar Baxışın, Məmməd İsmayılın və digər bu kimi söz sahiblərimizin yaradıcılığına müraciət olunmaması, bu kitabların, ölkənin aparıçı ədəbi prosesindən kənarda qaldığından xəbər verir.

***

Orta məktəbdə tədris olunan ədəbiyyat kitablarında nəzərə çarpan bu sayaq ürəkağrıdan mənzərəyə dərsliklərin şifahi xalq ədəbiyyatı bölməsində də rast gəlinir.
Dil, ifadə forması, mövzu və məzmun sadəliyi ilə yeniyetmənin asanlıqla mənimsəyə biləcəyi şifahi xalq ədəbiyyatı nümunələrindən 4-5-6-7-ci sinif dərsliklərində təkrar-təkrar ikicə dastandan - «Dədə Qorqud» və «Koroğlu» - dan istifadə edilməsi anlaşılmaz olduğu qədər də təəccüblüdür. Ayrı-ayrı sinif dərsliklərinə rəngarənglik xatirinə bir neçə boyu salınan dastanların peşəkar səviyyədə təqdim oluna bilməməsi isə ikiqat təəsüf hissi doğurur.

«Siz «Dədə Qorqud» - la aşağı siniflərdən tanışsınız. O, (?.. ) xalqımızın vətənpərvərliyini, qəhrəmanlığını, güclü düşmənlə (?) mübarizədə əyilməzliyini əks etdirən ən qüdrətli sənət hadisəsidir. (Məgər «Dədə Qorqud» un, dərslik müəlliflərinin təbirincə desək, qüdrətli sənət hadisəsi olması yalnız bu sadalananlarla ölçülürmü?.. – A.Məsud) Əsərdə təsvir edilən hadisələr 6-7-ci yüzilliklərdə baş vermişdir. (?) Burada Gəncə, Bərdə, Göyçə, Əlincə qalası, Dərbənd və digər Azərbaycan torpaqlarının adı çəkilir. (?)

(6-cı sinif Ədəbiyyat dərsliyi, B.Həsənli, Ə.Quliyev, S.Hüseynoğlu səh.- 27)

Orta məktəbdə xalqımızın zəngin dastan xəzinəsindən yalnız «Dədə Qorqud» - la «Koroğlu» - nun alayarımçıq tədris edilməsini vacib bilən həmrəy tərtibçilərimizin diqqətinə şifahi xalq ədəbiyyatımızın digər incilərinin də olduğunu çatdırmaq istəyirəm.
«Aşıq Qərib», «Şah İsmayıl», «Tahir və Zöhrə», «Qaçaq Nəbi», «Əsli və Kəpəm», «Qurbani»,«Abbas və Gülgəz», «Qaçaq Kərəm», «Novruz və Qəndab» kimi, (siyahını uzatmaq da olardı) əsrlərin sınağından çıxıb bu günümüzə çatmış gözəl ədəbiyyat nümunələrinin dərslik tərtibçilərimiz tərəfindən «unudulması»nın səbəbi qaranlıqdır.
Şifahi xalq ədəbiyyatımızın orta təhsildə mənimsədilməsi proqramının (əgər buna «proqram» demək olarsa) digər qüsurlu cəhəti dərsliklərə salınan ədəbi mətnlərin, qədim və müasir dövr ədəbiyyatları bölümlərində olduğu qaydada - uşaq təfəkkürünü nəzərə almayan seçimlər üzrə təqdim olunmasıdır. Bu mənada 6-cı sinif Ədəbiyyat dərsliyində yer almış «Uşun Qoca oğlu Sərgəyin boyu» ndan seçilmiş bir parçaya nəzər salaq.
İgid Ərgəyin yanına getmək niyyətini anasına bildirərkən, qadın oğluna:

Ağzın üçün ölüm, oğul!
Dilin üçün ölüm, oğul!
Qarşıdakı uca dağın yıxılmışdı,
ucaldı axır!
Joşqun axan gözəl suyun qurumuşdu
çağladı axır!
Qalın bəyləri ilə sən get, oğul!

deyə nəvazişlə cavab verirsə də, igid Sərgəy anasını:

«Ana, ağzın qurusun!
Ana, dilin çürüsün!
…….
Ana haqqı tanrı haqqı olmasaydı,
Böyük iti polad qılıncımı götürərdim,
Bircə anda gözəl başını kəsərdim,
Al qanını yer üzünə tökərdim,
Ana, zalım ana!»
(həmin nəşr - «Uşun Qoca oğlu Sərgəyin
boyu», səh. 30)

kimi kobud sözlərlə hədələyir.
Anayla bu sayaq qaba rəftarına görə uşaqların nəzərində hansı izahlarla bəraət alacağı məlum olmayan igid Sərgəy haqqında bu boyun, dərsliyə hansı məqsədlə salındığı, dərslik tərtibçilərinin, oğulun anayla bu sayaq kobud davranışını təsvir edən mətnlə 11 yaşlı məktəbliyə nəyi aşılamaq istədikləri anlaşılmır.
Orta tədrisdə nəzərə çarpan ədəbiyyat kasadlığı aşıq yaradıcılığının təqdimatında da özünü biruzə verir.
Dil və üslub sadəliyi ilə yeniyetmə təfəkkürünün asanlıqla mənimsyə biləcəyi tükənməz xalq yaradıcılığından orta məktəb ədəbiyyat dərsliklərində nəyə görəsə Aşıq Ələsgər və Qurbanidən savayı heç kimə yer verilmir. Tanış «həyat və yaradıcılıqları» ilə sinifdən-sinfə təkrar-təkrar ötürülən bu iki söz sahibindən heç də geri qalmayan digər aşıqlarımız isə - zəngin aşıq ədəbiyyatı xəzinəmizin inciləri - Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Molla Juma, Aşıq Alı, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir və digərləri qəribədir ki, yada düşmür…


«Təkrar – biliyin anasıdır...»

Adı çəkilən dərsliklərin digər «təkrarçılıq xəstəliyi» – ibtidai siniflərdə keçilən ayrı-ayrı şeir və hekayə nümunələrinin, anlaşılmaz səhlənkarlıqla sonradan yuxarı sinif dərsliklərində yenidən yer almasıdır.
Bu üzdən şagirdlər Jəlil Məmmədquluzadənin «Buz», Mikayıl Rzaquluzadənin «Ana ürəyi – dağ çiçəyi», Ənvər Məmmədxanlının «Buz heykəl», Süleyman Rəhimovun «Qara torpaq və sarı qızıl» hekayələrini və Səməd Vurğunun «Azərbaycan» şeirini təkrar-təkrar öyrənmək məcburiyyətində qalırlar.
Həmin bu qəribə «təkrarçılıq çıxılmazlığı» ədəbiyyat dərsliklərinin eyni ifadələr və təriflərdən istifadə olunmuş «Giriş» lərində də nəzərə çarpır:
«Ədəbiyyat» sözünün «ərəb dilindəki «ədəb» kəlməsindən yarandığı»nı, bu kəlmənin «daha çox «mərifət, əxlaq, incəlik (?), elm, bilik mənalarında işlədildiyi»ni, ədəbiyyatın «şifahi və yazılı ədəbiyyatlara ayrıldığı»nı, «şifahi xalq ədəbiyyatının», «xalq yaradıcılığı adlandırıldığı»nı, «xalq yaradıcılığının, yazılı ədəbiyyatdan əvvəl meydana gəldiyi»ni və sair bu kimi, sadə və yaddaqalan informassiyaları, hər dərs ilinin başlanğıcında, hər sinifdə, boyatımış «mübarək məlumat» qismində təqdim edən bu «Gririş»lər ideya və mövzu baxımından heç bir nizam-çərçivə tanımayan, bu səbəbdən də, əslində, heç bir düstura və tərifə sığmayan ədəbiyyatı həmin «yekdil həmrəyliklə» «insan həyatını, onun taleyini və təbiətlə bağlılığını» əks etdirən söz sənəti kimi təqdim edir və buna uyğun olaraq da, dərsliklərdə yer almış ədəbiyyatların ədəbi-estetik təyinatçısına çevrilir. Təməli «Giriş» - lərdə qoyulan bu «ədəbiyyat düsturunun» davamına sonradan, dərsliklər üzrə paylaşdırılan ədəbiyyatlarda, hüdudsuz Söz sənətini, əksər halda məhdud mövzular çərçivəsində – vətən, ana, təbiət və mərdlik təbliğatçısı kimi təqdim edən ədəbi nümunələrdə rast gəlinir. Və burda ortaya belə bir sual çıxır. Məgər, Ədəbiyyatın başlıca predmeti olan İnsan və onun Mənəviyyatı Dünyası təkcə bir vətənə, anaya və təbiətə olan sevgidən, yaxud «qüvvətli» düşmənə sinə gərmək qabiliyyətindər ibarətdirmi?..
Yuxarıda sadalanan nöqsanlar orta təhsildə istifadə olunan ədəbiyyat dərsliklərində yer almış qüsurların yalnız bir hissəsidir. Bu kitabların «dərslik» assosiasiyası verməyən digər nöqsanlı tərəfi dərsliklərə salınan ədiblərə və ədəbiyyatlara münasibətdə xronoloji ardıcıllığın gözlənilməməsi, ayrı-ayrı tapşırıq və mətnlərin, eyni zamanda ədəbiyyatlar üzrə tərtib edilmiş sualların bəsitliyi, eləcə də, dərsliyi şərtləndirən ümdə cəhətlərdən biri kimi, xüsusi formata və üsluba malik olmalı «həyat və yaradıcılıqlar»ın müxtəlif üslubda və həcmdə hazırlanması, üstəlik bu məlumatların yetərsizliyi və həddən ziyadə təsnifatçılığa varılmasıdır.


Müasir Azərbaycan ədəbiyyatı


«Müasir Azərbaycan ədəbiyyatı» dünyagörüşü, bədii təfəkkürü, ədəbi zövqü, nümunələr gətirdiyimiz bəsit və alayarımçıq orta məktəb dərslikləri sayəsində formalaşmış şagirdlərin yolunu ali məktəblərdə gözləyən iki cildli, iri həcmli kitabın adıdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Bakı Dövlət Universitetinin ali məktəblər üçün birgə hazırladığı və artıq ikinci ildir ki, ali tədrisdə istifadə olunan bu kitab əsasən, ədəbiyyat təmayüllü təhsil ocaqlarında və ayrı-ayrı universitetlərin humanitar fakültələrində məcbüri dərs vəsaiti kimi keçilir.
Dərsliyin hər cildinin girişində kitabda yer almış ayrı-ayrı fəsillərin və bölmələrin müəlliflərinin – J.Abdullayev, V.Sultanlı, A.Abasov, T.Hüseynoğlu, F.Hüseynov, İ.Əliyeva, Q.Namazov kimi tanınmış ədəbiyyatşünas-alimlərin adları yazılıb. Müasir ədəbi prosesin müxtəlif dövrlərini və janrlarını əhatə edən materialların arasında həcm etibarı ilə ən iri fəsil və bölmələrin müəllifi – Bakı Dövlət Universitetinin professoru, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının rəhbəri, ali məktəblər üçün neçə-neçə dərsliklər yazmış hörmətli alimimiz Jəlal Abdullayevdir.
Müasir və yeni dövr ədəbiyyatının əsas mərhələlərini «əhatə edən» bu tədris materiallarından danışmazdan əvvəl, onlardan seçdiyim bir neçə çıxarışı oxucuların nəzərinə çatdırmağı lüzümlü sayıram.
Kitabın «Milli özünəqayıdış dövründə ədəbiyyat» bölümü belə başlayır:

«20-ci əsrin 50-ci illərində Stalinin ölümündən sonra postsovet məkanında ölkədə ictimai-siyasi iqlim tədrici olsa da, bir qədər ilıqlanmağa başladı.» (?..) Ümumiyyətlə, dissidentlik, mövcud mühitə, iqtidara, hakimiyyətə asilik (?) hər zaman olmuşdur. Lakin çox vaxt bu müxaliflik sətiraltı mənalarla, rəmz və simvolika vasitəsilə, Ezop dili ilə anlatma vasitəsilə yazıçılar öz etirazlarını ifadə etməyə çalışmışlar. (?..) Elə ki, ictimai-siyasi mühitdə bir balaca işıq ucu görünən kimi oldu, (?) o zaman bir başa, açıq-aşkar hücuma keçənlərin sayı da artır. (?..) Əslinə qalsa bizim sovet dövrü poeziyamızda 50-ci illərdən sonra ən çox rəmzlərdən, sətiraltı mənalardan ən çox istifadə edən xalq şairi Rəsul Rza olmuşdur.
(«Müasir Azərbaycan ədəbiyyatı», Bakı Dövlət Universiteti
nəşriyyatı – 2007-ci il, 2-ci cild, səh.5)

***
…Bizim böyük bir əminliklə gəldiyimiz ən maraqlı qənimətlərdən biri (?) belədir ki, həqiqətən də 60-cı illərin poeziyası və onun yaradıcıları məhz Rəsul Rzadan təsirlənən o zaman hələ yeni-yeni şerə-sənətə gələn cavanlardan ibarət olmuşdur. (?) Məzahir Daşqın, Fikrət Qoca, Fikrət Sadıq, Əli Kərim, …, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, V.Jəbrayılzadə və s. özlərinin poetik yolun başlanğıcında onun qayğısını görmüş və bilavasitə öz həyatlarında onun təmasını duymuşlar.(?) Sonralar onlardan bəziləri ənənəvi şeir formasına keçsələr də məna və mahiyyət dəyişməz qaldı.(?) Ona görə də 60-cı illərin ən fəal yazıçıları bir sıra problemləri ədəbi tənqidin üzərinə qoydular.» (?)

(həmin nəşr – səh.5) ***

«…Belə ki, onlarca roman, povest, hekayə, novella, esselər, publisistik yazılar və bunların mövzu, məzmun və problematika spesefikliyinə dair tarixi roman, (?) bilavasitə müstəqillik problemlərinin bədii təsvirinə həsr olunmuş roman, hekayə və povestlər, (?) didaktiki – nəsihətamiz, xatirətipli, (!) sənədli, fantastik, detktiv və s. nümunələr onlarcadır.» (?)

(həmin nəşr - 2 - ci cild, səh. 440)
***
«Müstəqillik dövründə yaranan bədii ədəbiyyatın konturları vasitəsilə (?) onun həqiqi mənzərəsi haqqında düşünərkən və bilvasitə ədəbi-bədii materialları mütaliə edib, ayrı-ayrı əsərlərlə yaxından tanış olduqca, bizdə nikbin bir təsəvvür yarandı. (?) Son dərəcə sevindirici haldır ki, bədii ədəbiyyatımızın məcrası elə də kasadlıq keçirməmiş, necə deyərlər, su axan yerdən bir də axmışdır.»

(həmin nəşr-2-ci cild, səh.437)


«Müasir Azərbaycan ədəbiyyatı» dərsliyindən seçilmiş bu sayaq nümunələri adı çəkilən iki cildliyin konkret hansısa səhifəsində axtarmağa ehtiyac yoxdur. Jəlal müəllimin «sehrli çubuğunun» toxunduğu fəsil və bölmələrin hər biri başdan-ayağa bu vəziyyətdədir. Nəinki gənc tələbənin, peşəkar oxucunun belə anlamaq iqtidarında olmadığı bu «dərs mətnləri» azərbaycan dilində yazılsa da bəzən dil, bəzən də məntiq tərcüməsinə ehtiyaclı olur.

«…Təbii ki, həmin qəbildən olan əsərlərdə bu məziyyətləri gördüyümüz zaman sevinirik (?) və tamamilə belə bir qənaətə gəlirik ki, (?) ümumən ədəbiyyatımızın bütün sahələri kimi adı çəkilən illərdə bədii nəsrimiz də müəyyən uğurlar qazanmış və ən başlıcası, son illərdə yaranmış, formalaşmış və inkşaf etmiş, habelə dünya miqyasına çıxmış yığcam, lakonik, hekayə, novella, povest və romanlar ənənəvi, kristallaşmış, (?) sabitləşmiş, dönməz, dayanmaz bir ədəbi prosesin tərəqqi dinamizmindən kənarda qalmamışdır. (?..) Əksinə, (?) böyük Y.V. Çəminzəminli, J. Məmmədquluzadə, Ə.B. Haqverdiyevlərin (Ə.B.Haqverdiyev tək deyilmiş – A.Məsud), M.S. Ordubadi, M.Hüseyn, S.Rəhimov, İ.Şıxlı, M.İbrahimov, Mir Jəlal, İ.Muğanna, Əbülhəsən nisbətən sonralar ədəbiyyata gələn və bədii nəsrimizin gözəl nümunələrini yaradan digər ədiblərimizin, möhkəm təməllər üzərində salınmış və şahrah sənət yolları ilə daha da irəliləyərək, (!..) heç də onları yamsılamadan, (niyə də yamsılamalıydılar axı?.. – A. Məsud) təqlid etmədən (?) müasirlərimizin sirli-soraqlı iç dünyasına daha dərindən nüfuz edərək onların zəngin daxili aləmlərini (sən demə, müasirlərimizin daxili aləmləri kütləvi şəkildə zənginləşmə prosesində imiş. – A.Məsud) bədii sözün sehri ilə bizim üçün kəşf etmişlər.» (?)
(həmin nəşr – səh. 447.)
***

«Bizim son illər ərzində yaranan nəsr əsərlərinin hər halda, (?) onların müəyyən ideya-məzmun, problematika, bədii sənətkarlıq cəhətindən sənət və ədəbiyyatın qanunlarının tələbləri baxımından az-çox məziyyətləri də vardır. (?) Ona görə də biz belə hesab edirik ki, həmin bədii nümunələrin oxuculara, ədəbi ictimaiyyətə xoş gələn, adamların həm ağlına, düşüncəsinə, şüuruna, (?..) həm də hiss və duyğularına təsir edən əsas və başlıca amillər onlardakı realizm, müəyyən həyat həqiqəti, müasirlik, xalqın istək və arzularının bədii əksi dil-ifadə sadəliyi, xalq təfəkkürünə daha çox yaxınlaşmaq meyli xüsusilə xəlqilik, yəni xalq ruhunun verilməsidir.

(həmin nəşr-2-ci cild, səh.446.)

Azərbaycanda gedən ədəbi prosesləri «həddən ziyadə həssaslıqla izləyən» professorun, ədəbi düşüncəsini «formalaşdırmağa» cəhd etdiyi ali məktəb tələbələrini son illər Yazıçılar Birliyində yaranmış ikitirəlikdən və narazılıqlardan hali etmək arzusu da qəribədir.
«Müstəqillik dövründə ədəbiyyat» adlandırdığı bölməsində o yazır:

«…İndi Anar və onun tərəfdarları, onun rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyi nadancasına tənqid, hətta təhqir olunur. Bu başabəla gənclər «tənqidçilər», «şairciklər», bu «yaratdım» deyərək, heç də utanmayanlar (S.Vurğun) (bu yerdə mötərizədə verilmiş «S.Vurğun»un hansı mənanı daşıdığı anlaşılmır. - A.Məsud) ədəbi mühitin ətrafında hərlənərək, heç 3-cü sort ədəbiyyat belə yarada bilməyənlər, adını «yazar» qoyanlar Anarı, F.Qocanı, B.Vahabzadəni, Elçini və Ə.Əylislini və başqalarını «ədəbi çarizmin nümayəndələri» adlandıraraq, bununla da ifrat nihilizmə, böhtançılığa, mənəvi erroziyaya uğrayırlar. (?..) Xalq şairi B. Vahabzadənin yaratdıqlarını «sandıq ədəbiyyatı», A. Məsudun əsərlərinin heç birində millətin olmadığını (?) qeyd edirlər.»

(həmin nəşr – səh. 441)

Dərslik müəllifinin ali filoloji sahəyə gətirdiyi digər «töhfə» - sözü gedən dərslikdə yer almış «yeni müəlliflər çələngidir».

«90-cı illərin qanlı yanvar hadisələrindən balşlayaraq, bədii nəsrin ən aktual, ən çevik janrı olan hekayələr, novellalar, mənsur şeirlər, bədii replikalar, miniatürlər xeyli güclənmiş və bu günə qədər səngimək bilmədən davam edir. (?..) Bunların hər birində çox haqlı olaraq 20 yanvar hadisələri, Qarabağ müharibəsi, ölkəmizin müasir və aktual problemləri qələmə alınır.
Bu mənada, Elçinin «Sarı gəlin», «Araba», «Qarabağ şikəstəsi», E.Əlləzoğlunun «Divarın o biri üzündəki adam», Vəliş Qaraoğlunun (?), Mübariz Jəfərlinin (?), Meyxoş Abdullayevin, (?) Aslan Quliyevin, (?) Fəxri Oğuzlunun (?) və başqalarının silsilə hekayələri, esseləri, tənqidi yazıları onların gələcəyinə qarşı (?) bizdə nikbin bir ümid və arzu doğurur.» («Jələcəyi ümid doğuranlardan» biri də xalq yazıçısı Elçin imiş. – A.Məsud)
(səh. 448.)

***

«…Xeyli bədii əsərləri çap olunmuş, lakin ədəbi tənqidin nə üçünsə diqqətindən kənarda qalmış istedadlı qadın yazıçılarımızın biri – Nigarın (Nigar Qarayeva) (?) haqqında – xüsusən, onun «Daş hasar» adlı son dərəcə aktual mövzuda yazılmış, illərdən bəri xalqımızın yaralarını sızıldadan, ağrılı-acılı yerimiz, parçalanmış ürəyimiz olan Qarabağ probleminin bədii həllinə həsr olunanların tənqiddən kənarda qalan həmin əsəri (?) belə başlanır:
«Ərgünəş tərəfdən qopan gurultu Nuhu taxtda görmüş minillik qoca çinarın budağına qonmuş qosqocaman sağsağanı (sağsağan da qocaman olarmış. - A.Məsud) diksindirdi. Hündür daş hasarla əhatə olunmuş orta əsrlərdən qalma qədim qəsrlərə bənzəyən nəhəng evin, baş-başa vermiş sıx ağacları ətrafında dövrə vurdu. Dimdiyindən saldığı cevizin ardınca həsrətlə baxdı.»

(həmin nəşr, səh. 448)

“Ədəbi irsi” ali filoloji təhsildə dərs qismində keçilməsi vacib bilinən növbəti «ədib» - Azad Qaradərəlidir. (?) Dərsliyə onun «Alma ağacı» hekayəsindən salınmış mətn öz «dərin fəlsəfi qayəsi və ibrətamizliyi» ilə xüsusilə diqqət çəkir.

«…Ayat (ilk dəfədir belə bir ad eşidirəm. – A.Məsud) ciblərinə beş-altı alma doldurub çıxmışdı kəndin aralığına, öz əzablı işini elə aralıqda görməliydi . (?) Kənd uşaqlarından bir-ikisi düzülmüşdülər Ayatın dalınca (burda fikir qırılır. – A.Məsud) və yalvarırdılar ki, bircə dişdəm onlara da versin. Ayat da eləməyib tənbəllik, hərəsinə bir buyruq verirdi:
- Anqır, verim!
- Ula, verim!
- Böyür, verim!
- Kişnə, verim!
- Banna, verim!»

(həmin nəşr, səh. 449.)

«İlıq yumoru» ilə (?) dərslik müəllifinə hədsiz xoş gələn bu mətn barədə professor özü belə şərh verir:

«Zənnimizcə, (ikinci «zənn edən» də var. – A. Məsud) elə bir neçə cümlədən də gənc yazıçının məcazı, (hansı məcaz? – A. Məsud) yumor hissi tənqidi düşüncədən faydalanma məharəti (?) az və ya çox dərəcədə görünməkdədir. (?..)

(həmin nəşr, səh. 449.)

Ali filoloji tədrisdə yer almış növbəti «görkəmlilər» - «Öləng» (?..) romanının müəllifi Pərviz,(?) Əyyub Qiyas, (?) Əkbər Qoşalı, (?) Bilal Alarlı, (?) Sərvaz Hüseynoğlu (?) və Natiq Yanardır… (?)

(həmin nəşr, səh.449)


(əvvəli ötən saylarda)

Dərsliyin «Müstəqillik dövründə ədəbiyyat» fəslində isə müəllif yeni dövr ədəbi prosesin mənzərəsini belə şərh edir:

« …Gözəl komediya ustası, həm də nasir Sabit Rəhman da vaxtilə Anarın «Molla Nəsrəddin - 66» hekayələr silsiləsinə yazdığı ön sözdə qeyd etmişdi: «O, duzlu, maraqlı hekayələr yazır, təsvir etməyi sevir. Bu da Anarın yaradıcılığının seçilən xüsusiyyətlərindəndir, ancaq ən mühümü deyil. Ən mühümü onun yaradıcılığındakı yumordur. (məncə, Sabit Rəhmandan gətirilən sitat burda sona yetir, lakin, müəllifin digər mətnlərində olduğu kimi, burda da durğu işarələri qaydasına riayət olunmadığından, ardıcıllıq üzrə davam edən növbəti cümlələr, sitatın davamı kimi qəbul edilir. – A.Məsud) Doğrudan da, yazıçının «İlin fəsilləri, yaxud qovluğun içindəkilər» özünün dediyi kimi, «Sənədli fantaziya» hekayəsi, (?) «Qırmızı limuzin, vahimə hekayəsi», (Marlen Məmmədov, Limuzindəki adam) (?) və s. bunları Elçinə də şamil etmək olar. (Anarın hekayələrini Elçinə necə şamil etmək olar? – A.Məsud) Bu illərdə Elçinin də xeyli əsərləri çap olunmuşdur. Bunlardan, xüsusilə, «Ədəbi düşüncələr» essesi, Afaq Məsudun «Suiti» adlı İmperiya haqqında duyğu və qeydlərini də göstərmək olar.» (?..)
(həmin nəşr, səh. 451)

Fəslin sonuna yaxın isə vəziyyət daha qəlizləşir. Bütün bu solaxay dolama-dolaşıqlıqlarda azıb qalmış müəllif qəfildən qəribə bir qəhrəmanlıq eyforiyasına düşür və eləcə qəfildən də ordan çıxır…

«…İllər boyu faşist ermənilərilə cəng-cidalda olan (?) bir məmləkətin yazıçısı bir an belə müharibə mövzusunu unutmamalıdır. İndi bizim bu mövzuya həsr olunmuş az-çox yaranan əsərlərdə də bir vayqanlılıq, pessimizm, sınıqlıq, yadlıq hiss edilməkdədir: «Ağla qərənfil, ağla!» Halbuki, şair demiş – biqeyrət edər ağlamaq insanı deyərlər. (?..) Yeri gəlmişkən, onu da bildirməliyik ki, (yenə kiminləsə bir yerdə «bildirir» - A.Məsud) bizə vətənpərvərlik ruhu, qəhrəmanlıq, cəngavərlik pafosu ilə seçilən çoxlu əsərlər lazımdır. (Sosialist ideologiyası – A.Məsud) Təsadüfi deyil ki, böyük Sabirin özü vəcdə gələrək, məşhur «Səttərxan» qəhrəmanlıq şeirini yazmışdı. Bu, onun bütün külliyatında yeganə şeirdir ki, qəhrəmanlığa həsr edilmişdir: Haqq mədətkar oldu Azərbaycan ətrakına.
Ali Qacarın protest etdilər. Zohhakına!
(əsli belədir: «Həq mədədkar oldu Azərbaycan etrakına,
Ali Qacarın protest etdilər Zöhnakina,» - A.Məsud)

Tələbələrə qəhrəmanlıq və vətənpərvərlik ruhunu aşılamağa cəhd edən professorun Sabirdən gətirdiyi, lakin yenə dırnağa alınmadığından Sabirin, yoxsa, dərslik müəllifinin özünün olduğu bilinməyən bu qəliz misralar, qrammatik səhvlərin və təhriflərin hesabına tam anlaşılmaz vəziyyətə düşür.
Yuxarıda nümunə gətirdiyim bu əcaib mətnin digər qəribəliyi, həmin bu vətənpərvərlik eyforiyasının növbəti cümlədə qəfildən, Azərbaycanın qara qızılına transfer etməsidir.

«Bir narahatçılığımız da ondan ibarətdir ki, vaxtilə neft akademiyası adlandırılan Bakı nefti «qara qızıl» haqqında ümumiyyətlə, ədəbiyyatımızın digər sahələrində olduğu kimi, bədii nəsrdə də bu məsələ unudulmuşdur. (?..) Vaxtilə «Abşeron», «Yerin sirri», «Qara daşlar», «Buruqlar səltənətində», «Bakının dastanı» kimi (adı çəkilən əsərlərin müəllifi açıqlanmır. – A.Məsud) əsərlərdə təsvir və təcəssüm etdirilən, hazırda iqtisadiyyatımızın əsasını təşkil edən, tanrının xalqımıza bəxş etdiyi bu ilahi nemətin və neft adamlarının obrazının elə bil ki, ədəbiyyata gətirilməsi layiqli bir iş deyilmiş. (?..) Nədənsə Heydər Əliyevin şah əsəri sayılan, dünyanın yeni möcüzələrindən biri «Bakı –Tiflis - Jeyhan» kimi böyük əmək qəhrəmanlığı (?) bədii ədəbiyyatda, o cümlədən, elə nəsrimizdə özünün layiqli təcəssümünü tapmamışdır, əslində isə indi, bizim günlərimizdə bu mövzu mövzular mövzusu, problemlər problemi mənziləsindədir; (?) çünki əsrlər boyu adı bizim, dadı özgələrin, Nobel, Rotşild, Vişau, Rusiya çarizminin, qırmızı imperiyanın olan bu əvəzedilməz nemət yalnız son dövrlərdə özümüzə qaytarılmış, yalnız indi biz onunla öz bildiyimiz kimi, istədiyimiz şəkildə rəftar edirik. (?..) Böyük Səməd Vurğunun bu şah misraları sanki unudulmuşdur:

Yer altda yaşadı min elim-obam,
Doymadı günəşin işıqlarından
Zülmətlə diz-dizə əyləşən babam
Dilində təvəkkül, əlində Quran
Axşamdan uzandı ağac taxtına,
Anamın, nənəmin qara baxtına
Bir günəş doğmadı, şam da yanmadı,
İşıqlar ölkəsi işıqlanmadı.

(Axı məncə, ölkə artıq işıqlanıb?!.. – A.Məsud)

(səh.452)

«Müstəqillik dövründə ədəbiyyat» bölməsinin «Dramaturgiya» «fəsli», müəllifin ali tədris üçün hazırladığı digər fəsil və bölmələrdən öz «yığcamlığı» və «lakonikliyi» ilə seçilir. 1991-2005-ci illərin dramaturji proseslərini, aparıcı dram əsərlərinin ədəbi-elmi təhlilini, milli dramaturgiya tarixində xüsusi xidmətləri olan ədiblərin həyat və yaradıcılığını əhatə etməli olan bu fəslə müəllif nədənsə, cəmi bircə səhifə ayırmaqla kifayətlənir.

«Müstəqillik dövründə dramaturgiya sahəsində də müəyyən əsərlər yazılmış, lakin bunların heç də hamısı tamaşa qoyulmamış və ya çap olunmamışdır. Hər halda bu dövr ərzində də dramaturji xeyli əsər teatrlarımızın səhnəsinə yol tapa bilmişdir. (?) Məsələn, tarixi-əfsanəvi mövzuda bir neçə əsərin uğurlu tamaşası həyata keçirilmiş, geniş tamaşaçı auditoriyası qazanmışdır.» (?)

«…Əlbəttə, bununla biz heç də qəti surətdə demək istəməzdik ki, guya psixologizm bizim istər sovet dövrü nəsrimizdə və ya dramaturgiyamızda yetərincə olmamışdır. Əsla! Çünki dramaturji yaradıcılığı teatrımızın tarixində bütöv bir mərhələ təşkil edən İ. Əfəndiyevin çoxsaylı pyesləri, B. Vahabzadənin, N.Xəzrinin əksər əsərlərindəki psixoloji ovqatlarla dolu olan insan xarakterləri, içəriyə, daxilə, iç dünyaya (?) ünvanlanan bir sıra incə nüanslar «bir mən də var məndə məndən içəri» kəlamında səslənən aforizmi necə danmaq olar. (Jümlənin anlaşılmazlığına bəlkə bir qədər aydınlıq gətirə biləcək sual işarəsinin yoxluğu, onun məntiqsizliyini bir az da qabardır. –A.Məsud) Bizim zənnimizə görə hər hansı istiqamətə yönələn ifrat meyl həmişə iflasa uğrayır;(?) xarakterlərin istər zahiri, istərsə də daxili portreti vəhdət təşkil etməyəndə bir qayda olaraq həmişə itirir. (?..) Başqa sözlə desək, ziyadəlik heç vaxt istənilən keyfiyyət göstəricisi ola bilməz. (?..) Aristotelin dediyi kimi hər şey əndazə daxilində gözəldir, simmetriyada, ahəngdarlıqda göyçək olur. (?..)

«…Bir sözlə, çox qədim dövrlərin sınaqlarından çıxmış, cilalanmış bütün ədəbi növ və onun müvafiq janrlarına dair elmi-nəzəri fikrin sabitləşdirdiyi, (?) artıq bir növ həyatın və sənətin az qala obyektiv qanunlarına çevrilmiş bütün müddəalarına hökmən əməl etmək lazımdır.» (Tərcüməyə ehtiyaclıdır. – A.Məsud)

(səh.454)

«Əmək, zəhmət adamlarının bədii portretlərini yaratmaq, onların əməyinin poeziyasını cəsarətlə ədəbiyyata gətirmək kimi, indi bəyənmədiyimiz sovet dövrü ədəbiyyatında bir qədər ziyadəlik olsa da, hər halda, gözəl nümunələri olan bu xeyirli işi unutmaq ədalətsizlikdir. (?..) Ona görə də boşuna, mənasız – məzmunsuz, insanın nə hiss və duyğularına, nə də ağıl və şüuruna təsir edən əsərlər efir və ekranda, dövri mətbuatda baş alıb gedir.»

(«Müasir Azərbaycan ədəbiyyatı dərsliyi», 2-ci c. səh. 451)


Dərslik müəllifinin ali filoloji tədrisə gətirdiyi növbəti töhfə – onun «intuitiv uzaqgörənliklə» seçib bəyəndiyi və milli teatr tariximizə «bəxş etdiyi» yeni dramaturqlar silsiləsidir. Milli dramaturgiyamızın yeni dövr tarixinin «ətraflı təhlilindən sonra» müəllif müasir dramaturgiyamızın «formalaşmasında xüsusi xidmətləri olan» dramaturqlara keçir:

«…Bu əsərlərin hər birisində tarixin müxtəlif mərhələlərində milli azadlıq, müstəqillik, torpaq, el-oba, vətən təəssübü çox müasir səslənir. (?) Buraya (?..) Ə.Səmədlinin «Barışıq olmayacaq», İ. Vəlizadənin (?) «Xoş amallar qurmanı», R. Novruzovun (?) «Hələ sevirəm deməmisən», («sevirəm» sözündə yenə dırnaq yoxdur. – A.Məsud) Y.İsmayılovun (?) «Didərginlər», H.Mirələmovun «Vicdanın hökmü» və s. (Burda, nə qədər qəribə də olsa, cümlə bitir. – A. Məsud)
səh. 453.

Dramaturgiya bölümündə yer almış dramaturqları bir neçə cümlədən sonra digər «görkəmlilər» davam etdirir:

«…Müstəqillik dövründə sosial planda yazılmış dram və komediyalara aşağıdakıları misal göstərə bilərik: (misalları «dram və komediyalara» necə göstərmək olar?.. - A. Məsud) M. Quliyevin (?) «Ayı meşədən qaçır», H.Arzulunun (?) «İtilənən zəncirlər» (zəncirlər də itilənərmiş…– A. Məsud) və s.
(səh. 453)

Dərsliyin «Tənqid və ədəbiyyatşünaslıq» bölməsi də bu vəziyyətdədir:

«Ədəbi tənqid bu illərdə də öz yol yoldaşlığını ədəbiyyatdan əsirgəməyərək çağdaş ədəi prosesə daha yaxından nüfuz edərək yaranmaqda olan onlarca bədii əsərləri, yeni müəlliflərin yaradıcılığını izləyir və onların hər birinin həm ayrılıqda, həm də ümumi kontekstdə alaraq, (?) oxucu ilə yazıçı arasında körpü rolunu oynayır və imkan daxilində onların dəyərlərini ədalətlə üzə çıxarır. (?)

(həmin nəşr, səh. 455)


…Oxucunun qiymətli vaxtını almamaq xatirinə sitatları burda saxlayıram...

Yuxarıda tanış olduğunuz bu heyrətamiz dərs mətnlərinin müəllifi - 20 ilə yaxın müddət ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinin - Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının rəhbəri, ali filoloji təhsil üçün neçə-neçə dərsliklər yazmış tanınmış ədəbiyyatşünas alimdir.
Göründüyü kimi, dərslik mətni qismində təqdim olunan bu əcayb mətnlər - ədəbi, elmi məntiqsizliklərin, əsassız və əlaqəsiz fikirlərin, qəfil çılğınlıqlarla səbəbsiz eyforiya hallarının bir-birini əvəzlədiyi bütün bu absurdun yazı stolunun arxasında yox, müəllifin, öz dağınıq fikirlərini bölüşdüyü hansısa ədəbiyyat havalı məclislərdə yarandığına şübhə yaradır.
Dərsliyin acınacaqlı durumundan, kitabın hələ hazırlıq prosesində xəbər tutmalı olsa da, bunu necəsə, sezməyən, yaxud, sadəcə «başağrısı» qazanmaq istəməyən digər məsul şəxslərin - elmi şura, yaxud redaksiya kollegiyası (əgər belə bir şura, yaxud kollegiya varsa) uzvlərinin, habelə elmi redaktorların və rəyçilərin bütün bu baş verənlərə göz yumması, ölkənin humanitar yönümlü təhsilinə ünvanlanmış belə bir məsul dərsliyin, elmi təfəkkürü, zehni durumu, yaş həddi üzündən, yaxud hansısa ayrı səbəbdən yuxarıda görünən vəziyyətdə olan bir insana həvalə edilməsinə imkan verilməsi isə vəziyyətin dramatizmini bir qədər də ağırlaşdırır.
Adı çəkilən dərsliyin (Müasir Azərbaycan ədəbiyyatı – 2007) qüsurluluğu tək bir yuxarıda nümunə gətirdiyim bu «mətnlər cəngəlliyi» ilə bitmir.
Kitabın digər nöqsanı, onun ümumilikdə dərslik tələblərinə cavab verməyən qaydada tərtib olunmasıdır. Bu, ilk növbədə, orta məktəb ədəbiyyat dərsliklərinin uğursuz tərtib ənənəsinin davamı kimi meydana çıxan sistemsizlikdir. Yəni ədəbi proseslərin dağınıq sahmansızlıqla, əksər halda, ötəri təhlillər üzrə verilməsi, müxtəlif tarixi mərhələlər və dövrlər üzrə dərslikdə yer almış ədəbiyyatların çox vaxt tədris səviyyəsinə uyğunsuzluğu, dövrlər və janrlar üzrə ədəbi seçimlərin düzgün aparılmaması, bir sıra aparıcı ədəbiyyatların yer almaması, yaxud yer almış görkəmli ədiblərin dövrlər üzrə düzgün müəyyənləşdirilməməsi, (bu sıradan, ədəbiyyata 20 -30-cu illərdə gəlmiş xalq yazıçısı Əli Vəliyevin hansı məntiqləsə 60-cı illərin ədəbi prosesinə salınması) xronoloji ardıcıllığın gözlənilməməsi, ədiblərin həyat və yaradıcılıqlarının, dərslik şərtiliklərinə uyğun surətdə - vahid ədəbi və texniki formatlar üzrə yox, müxtəlif üslublar və həcmlərlə tərtiblənməsi, hər ədibin həyat və yaradıcılığından sonra yer almalı olan mühüm əsərinin elmi-ədəbi təhlilinə rast gəlinməməsi, mövzulara uyğun lüzumlu ədəbiyyat müntəxəbatının yoxluğu və sair və ilaxır (nöqsanlar hədsiz çoxdur) məqamlardır.
Kitabın dərslik şərtiliyini pozan digər məqam - burda yer almış fəsil və bölmələrdə bəzən dərslik müəlliflərinin nə vaxtsa, hansı münasibətlərə görəsə yazdıqları və bu səbəbdən, çox vaxt yazıldığı keçmiş dövrlərin ab-havasını özlərində saxlayan publisistik yazılara - dərslik mətni tələblərinə cavab verməyən oçerk, məqalə və monoqrafiya xarakterli əsərlərə rast gəlinməsidir.
Bir sözlə, A.Abdullayev, T.Hacıyev, Q.Namazov, V.Sultanov, T.Hüseynoğlu, İ.Əliyeva kimi ədəbiyyatşünas alimlər tərəfindən hazırlanmış bir neçə fəsil və bölmələri çıxmaq şərti ilə ali filoloji təhsil üçün nəzərdə tutulmuş bu iki cildliyi tədris üçün uğursuz nəşr nümunəsi hesab etmək olar.

***

Bu gün ölkənin ali və orta təhsilində dövriyyədə olan ədəbiyyat dərsliklərinin bu ürəkgöynədən mənzərəsi milli təhsilimizin acınacaqlı durumunu sərgiləməklə yanaşı, ümumilikdə ölkə üzrə yaşanmaqda olan böyük milli faciədən – ölkənin mədəni- mənəvi həyatını sarmış Ağır Maarifsizlik Durumundan - elmə, təhsilə, ədəbiyyata total etinasızlıqdan xəbər verir.
Neçə illərdən bəri bilavasitə Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilməkdə olan bu dağıdıcı dərslik proqramının öz sabit siyasətini toxunulmaz və dəyişilməz bir ardıcıllıqla həyata keçirməsi, ölkənin gələcək elmi və mənəvi potensialını bu sayaq sezilməz sahmanla altdan-altdan çökdürməyə davam etməsi, üstəlik, bu qorxunc «dərslik əməliyyatının» digər aidiyyətli dövlət qurumları – Milli Məclisin Elm və Təhsil Komitəsi, Nazirlər Kabinetinin elm və təhsil üzrə fəaliyyət göstərən şöbələri, eləcə də Milli Elmlər Akademiyasının müvafiq bölmələri tərəfindən də «sezilməməsi» bu biganəliyin total xarakter aldığını, elmi-mənəvi dəyərlərimizin qorunub saxlanmasını və təkmilləşməsini təmin etməli olan bu rəsmi dairələrin də maarifə və təhsilə maraqsızlığını və beləliklə, bu milli və dövlət əhəmiyyətli elmi əməliyyatın son nəticədə, nəzarətsiz və baxımsız qaydada, yaxud dərin savadsızlığın və cahilliyin nəzarəti altında həyata keçirildiyini əyani surətdə meydana çıxarır.
Ədəbiyyat dərslikləri üzrə kiçicik araşdırmalardan hasil olunan bu mənzərə Təhsil Nazirliyinin nəzarəti altında «ərsəyə gəlməkdə olan» digər sahələr üzrə dərsliklərin də yenidən baxılmağa ehtiyaclı olduğunu bildirməklə yanaşı, ümumilikdə dərslik tərtibi mexanizminin köklü surətdə yeniləşməyə, ciddi elmi-pedoqoji yanaşmanı təmin edəcək ensiklopedik tənzimlənmə mexanizmi əldə etməyə ehtiyaclı olduğunu günümüzün həlliqaçılmaz və vacib reallıqları sırasına çıxarır.

***

Məqalənin sərlövhəsində yer almış «Vətən nədən başlayır?..» misrası, bir çox cəhətlərini bəyənmədiyimiz, lakin Vətənin məhz Əlifbadan başladığını artıq necəsə, anlamış böyük Rus xalqının fikridir. Savad və intellekt səviyyəsi ilə dünyanın bir çox xalqlarını geridə qoymuş rus qardaşlarımızın bu qənaəti Maarifin, hər bir xalqın və millətin mənəvi təkamülündə önəmini təsdiqləməklə yanaşı, eyni zamanda, arif Rus Ruhunun mənzərəsindən də xəbər verir.
Bəs bizlər üçün Vətən nədən başlayır?..


P.S. Məqaləni yazdığım günlər qəribə bir təsadüflə həmsöhbəti olduğum orta yaşlı bir qadının, 80-ci illərdə A.Qarayev adına uşaq xəstəxanasından güclə yaxa qurtardığı, səhv diaqnoz üzrə «müalicə oluna-oluna» ölüm həddinə çatdırılan körpəsini həkimlərin caynağından alıb evə qaçması barədə söhbətlərini dinlədikcə, nədənsə həmin bu dərsliklər barədə – illər uzunu övladlarımızı guya «maarifləndirən», əslində isə əqli və ruhi şikəstlərə çevirib qaranlıq cahillik bataqlığına sürükləyən bu qorxulu kitablar barədə düşünürdüm…

1 комментарий:

  1. sadece saq olun Afaq xanim. Lakin ne qeder ki cemiyyetde ''korlar'' gorenlere yol gosterir, insanlarimiz yalniz ucuruma doqru irelilemeye mehkumdurlar. En aktual problem olmaqla hele de virus kimi inkishaf edir dersliklerdeki fitneler.

    ОтветитьУдалить