CAN ÜSTƏ
(İki hissəli müəmmalı qətl hadisəsi)
* * *
Hadisə bizim günlərdə, şəhərin mərkəzə yaxın məhəllələrinin
birində baş verir…
Hadisədə iştirak edirlər:
Yazıçı – orta yaşlı qadın, Nobel mükafatı laureatı.
Qoca – keçmiş vəzifə sahibi, uzunömürlü təqaüdçü.
Qohum – Qocanın uzaq kənddən gələn əmisi oğlu – 70 yaşlarında.
Nəvə – Qocanın Səidə adlı nəvəsi, Yazıçının yaşıdı və yaxın rəfiqəsi.
Xədicə – Qocanın mərhum arvadı – yaşlı qadın.
Silahdaş - Qocanın Qafar adlı mərhum sürücüsü – orta yaşlı.
Məmur – mərhum ; Qoca ilə bir dövrdə işləmiş daha yüksək
nomenklatura nümayəndəsi – yetkin yaşlı
Qonaq – «Barmek» şirkətinin əməkdaşı cildində Əzrayılın özü – yaşı
bilinmir.
Həkim – «Təcili yardım» həkimi qiyafəsində adsız mələk.
BİRİNCİ HİSSƏ
Yarıqaranlıq otaq. Dörd bir yan qalın, tozlu qovluqlarla doludur. Otağın bir tərəfində kiçik yazı masası, digər tərəfində köhnə dəmir çarpayıda can verən Qoca, çarpayının yanında – Qocanın protez dişləri salınmış bulanıq sulu stəkan, dava-dərman, nimçə, eynək, köhnə qəzetlər və sair yığılmış alçaq miz, mizdən bir qədər aralıdakı stulda, qolları qoltuğunda fikrə getmiş Qohum görünür. Küləyin səsi evin içiylə canavar ulartısı ilə dolaşır.
Qoca: (sayıqlayır, təngənəfəs) …Odu, ordadı… zirzəmidə… Aşağı düş… Düş aşağı , diyirəm sənə!.. Bura niyə belə qaranlıqdı?.. Odu bax, ordadı… lap aşağıda… Görürsən?.. Görmürsən?!. Gözünün qabağındadı ki?!.. Bu boyda qapını görmürsən?.. Açarları bura ver!.. Ver açarları ona!.. Hə… di qurtar, vaxt gedir, gələn olar… Noldu, açılmadı?.. Hərlə açarı… hərlə… Hə… belə ha… Hə, noldu?.. Yenə açılmadı?..
Qohum ayağa qalxıb Qocanın üstünə əyilir, nəbzini yoxlayır, qulağını sinəsinə dirəyib nəfəsinə qulaq asır, cibindən güzgü parçasını çıxarıb Qocanın ağzına tutur, sonra yenə keçib yerinə əyləşir.
Qapı cırıltısı… Çöldən eşidilən küləyin səsi güclənir. Qaranlıq dəhlizdən ilk əvvəl əcayib telefon musiqisinin səsi eşidilir. Musiqinin ardınca Yazıçı peyda olur, bir müddət elə bil ürəyində nəyisə götür-qoy edə-edə dayanıb gözləyir, sonra içəri, oğurluğa gələn adamlar kimi, gizlicə daxil olur, otaq boyu barmaqlarının ucunda yeriyə-yeriyə əlini həsrətlə qovluqlara çəkir.
Qoca: (gözüyumulu sayıqlayır) …Yenə gəlir… Gəlir… (qəfildən bağırır) Gəlir!.. Odu, bax… gözləri necə parıldayır?!. Yenə quzğun kimi gəlir! Canımı almağa gəlir… (bağırır) Qoymuyun!.. Siz Allah, qoymuyun!.. Qoymuyun!.. (heysiz) …Qoymuyun… ay subaylar… ay yaşlılar… heyvərələr hər yerə… dırmaşdılar...
Qohum: (fəxrlə tamaşaçılara) Sabirdəndi... (Qocaya baxa-baxa) Ay zalım, elm dəryasıydın! Heyif səndən əmioğlu, heyif!.. Heyf o başından ki, bir azdan…
Qoca: (sayıqlayır) …bir azdan… bir azdan… heç nə... Heç nə olmayacaq… (qəfildən aqressiv) …Nə qoyun kimi durub baxırsan?!. Görmürsən onu?!. Görmürsən necə gəlir?.. Tutun onu!.. Zindana!.. Zindana!.. 463-ə!.. (nəfəsi təngiyir) …Pəncərəsi olmıyan… (məkr dolu həzzlə) qaranlıq… havasız zindana… Hər saatdan bir də… döşəməyə su tökün ki… (ikrahla gülür) …döşəməsi buz bağlasın… Ayaqları donub odun parçası kimi qu-ru…sun…
Qoca sayıqladıqca Qohum ayağa qalxıb küncləri, çarpayının altını axtarır, haralarasa boylanır, Yazıçını görür.
Qohum: Bıy?!. Nə yaxşı gəldin, bala?!. Halı bayaqdan çönüb…
Yazıçı: Çönüb?.. (Qocaya yaxınlaşıb üzünə yaxından baxır) Hə, çönüb. (tamaşaçılara) Bax, yenə bildi, gələn mənəm. Gözüyumulu bildi. Ötən dəfə də içəri lap sakitcə, barmaqlarımın ucunda girmişdim… Onda da bilmişdi, gələn mənəm. Gözüyumulu bilmişdi. Bunu necə, hardan bilirdi başa düşə bilmirəm...
Qoca: (guya sayıqlayır)…Ay yazıq, nəyi bilirsən ki, bunu da biləsən… Bunu!.. Bunu bizlərə vaxtı ilə öyrədiblər. Ağzıəyriləri boyunlarının ardından tanımağı öyrədən kimi. (coşur) Biz!.. bunun məktəbini keçmişik!.. (nəfəsi təngiyir) Bax… məsələn, elə ki… havam çatışmır… elə ki… qarnımın içi doğram-doğram doğranır… bilirəm ki, sən hardasa yaxınlıqdasan…
Qohum: (qürurla) …Dilia qurban olum, ay əmoğlu! (tamaşaçılara) Can üstə də gör bir nə təhər savadnan, səlist ədəbi dildə danışır ey! (Yazıçıya, sirr açan təki) Bunun sayıxlamasının da dərin hikmətləri var!
Qoca: (sayıqlayır)…doğranır… Bilirəm… bilirəm, hardasa yaxınlıqdasan… (qəfildən bağırır) …Dərinizə saman təpəcəyəm, simasız köpəy uşağı!.. (inildəyib özündən gedir. Yazıçı Qocanın üzünə gah uzaqdan, gah yaxından, gah sağdan-soldan baxır, barmağı ilə burnunun istisini yoxlayır).
Yazıçı: (Qohuma)Hə… Burnunun ucu dünəndən bura elə bil bir az saralıb… (çarpayının yanında yerə çöməlib Qocanın üzünə indi də profildən, diqqətlə baxır) …həm də elə bil… uzanıb… (ayağa qalxır, bir əli Qocanın nəbzində) …Zəif vurur… Bir-iki…
Qoca: (sayıqlayır) …yeddi-səkkiz… (nəfəsi itir, qəfildən əl atıb Yazıçının qolundan yapışır) Firən-gi-iz... Firən-gi-iz!..
Yazıçı: (çırpınıb Qocanın əlindən qurtulur) Firəngiz?!. (Qohuma) Firəngiiz kimdi?..
Qohum: (kövrək) Xalaqızımızdı. İnişil öldü yazığ… Gözünə görünür… (Qocaya sarı əyilib bərkdən) Yenəmi çayın o üzündədi?..
Qoca: (sayıqlayır) …O üzündədi… ordadı… Orda ki, inək otlayır… balaca, arıq inək… Mənə əl eləyir… məni çağırır… İnək də böyürür… Onu da inişil kəsiblər…
Qohum: (fəxrlə, həm də az qala ağlaya-ağlaya) Ölür tay, a bala… Səhərə çıxa, ya çıxmaya. Görürsən, burnu nə təhər uzanıb?.. Soltan babam rəhmətə gedəndə, onun da burnu bu günə düşmüşdü… (tilsimə toxunan kimi) Elə bil… kimsə hardansa… hansısa gözəgörünməz maqqaşla... (əlini maqqaş əvəzinə Qocanın burnuna uzadır) …burnunu dartıb-dartıb…
Qoca: (sayıqlayır) Ay-ay-ay… Dəyməyin!.. Dəymə… (ciddiləşir, kiminsə üstünə çımxıran tək) …Sənə dedim, dəymə!.. Zimbat oğlu… zimbat!..
Yazıçı: (peşəkar maraqla Qohuma) …Zimbat?.. Zimbat nə deməkdi?..
Qohum: (qururla) Vallah, nə bilim?!.. Bir onu bilirəm ki, biz qanan şey döyül. Onun bildiklərini bizlər… (Yazıçıyla özünə işarə edir) bilə bilmərik…
Qoca: (sayıqlayır) …Öldürəcək… Vallah o, bura bundan ötrü gəlir… Vallah niyyəti budu… O dəfə də dedim… inanmadız… Bunu bircə mən bilirəm… Mən bədbəxt… Ağzıyəriləri qulağının ardından tanıyan bədbəxt…
Qohum: (tamaşaçılara) İndi sən gör ki, bu can deyilən nə olan şeydi!.. Can üstə… Yəni… (əlləriylə nə isə göstərə-göstərə başa salmaq istəyir) …canın üstündə… Gör indi bu nə olan şeydi ki, bu tövr ağıl dəryasını, bu ağırlıqda bilik müccəsəməsini nə günə salıb…
Yazıçı: (fikirli) Nə günə salıb?.. (Qocadan aralanır, çantasından eynəyini çıxarır, iş yerinə gəlmiş adamlar kimi, yazı stolunun üstündə dünəndən, ya nə vaxtdansa qalmış kağızlarında eşələnir)
Qohum: Nə günə salacaq?!.. Görmürsən, nə gündədi?.. (ağlamsınır, ağı üstə) A-ağlını-ı baa-şında-an çıxarıb… Ha-amı-ya… (qəfildən dayanır) …mə-ənə be-lə möhta-ac qoyub… Rəngi-in sara-aldıb… so-oldurub… (burnunu çəkə-çəkə susur, cibindən yekə yaylığını çıxarıb eybəcər səslər çıxara-çıxara burnunu boşaldır. Sonra yaylığı səliqə ilə qatlayıb cibinə qoyur. Üzünü iki əli ilə, əl-üzünü yuyan tək sığallayıb yerini rahlayır, sakitcə) Ölür tay, a bala… Bu dəfə tay toşnu ölür…
Yazıçı: (kağızlarda eşələnərək, iztehzayla) Ölür!.. Axı o, ötən dəfə də bu gündəydi?!.. Ondan əvvəl də… Onda da eynilə bu cür nəfəs alırdı. Burnu da, qulaqları da beləcə saralıb uzanmışdı. (tamaşaçılara) Amma, səhəri günü Səidə dedi ki, mən gedəndən sonra… o, heç nə olmayıbmış kimi, dim-dik dikəlib yerinin içində oturub. Adam balası kimi sıyığını yeyib…
Qoca: (qəfildən dikəlib oturur, ayıq halda Yazıçıya) Neynəsin Səidə-yazığ?!. Tay görür əl çəkmirsən də… Axırda üzünə deyib ki, «babam səni görəndə halı xarablaşır» (yenə özündən gedir) …Ovçu Pirimin nağılındakı kimi…
Yazıçı: (maraqla) Ovçu Pirim?.. (Qohuma) O... ovçu Pirim dedi?.. Nə mənada?..
Qohum: (qürurla) Bala, o nə deyirsə, elə belə demir. Onun hər sözündə məna var!..
Yazıçı: (gəlib Qocanın başı üstündə durur, kinayəli maraqla) Axı niyə elə mən gələndə halınız xarablaşır, hə?.. Yoxsa məndən qorxursuz?.. Mən adamyeyənəm, nəyəm?..
Qoca: (Yazıçı eşitməsin deyə astadan tamaşaçılara) O, adamyeyəndi!.. Ona inanmıyın!.. Qabağına çıxanı yeyir. Baxmır qocadı, cavandı, uşaqdı… Neçə dəfə öz balasını yeyib. Gözümlə görmüşəm. Qorxunc adamdı!..
Qohum: (yorğanın altından Qocanın ayaqlarını ova-ova Yazıçıya) Bu andır qarabasmalar yazığı lap əldən salır...
Qoca: (sayıqlayır) …Buğda sıyığıdı… Yox, amma… deyəsən… (ağzını marçıldadıb fikrə gedir) …yulafdı… Hə… özüdü ki, var – yulafdı…
Qohum: (kədərli müdrikliklə Qocaya baxa-baxa) Bu dünya kimə qalıb ki, sənə də qala?.. Amma sən… (ağlamsınır, fəxrlə) …qalacaqsan bu dünyaya… Vallah, qalacaqsan!.. Öz zəhmətinlə, qüdrətli əməllərinlə qalacaqsan! Bax… (qovluqlara işarə edir) …qoyub getdiyin bu topdağıtmaz səlnamələrin – əzəmətli heykəlin təki dünya durduqca duracaq!..
Yazıçı: (Qohuma istehzayla)Səlnamələr?!.. Hansı səlnamələr?!. Siz… bu qovluqları deyirsiz?!. Onları oxumusuz?..
Qohum: (fəxrlə)Oxumuşam da sözdü?..
Yazıçı: Eləmi?.. Belə de!.. Orda nə yazılıb?.. Deyin biz də bilək…
Qohum: E-eh, sən denən orda nə yazılmayıb!.. Bu kişinin qiymətin vallah, öləndən sonra verəcəklər. (tamaşaçılara) Bizlərin xisləti budu, balam da… Biz – ölübaz xalqıq. Sağlarla aramız yoxdu ki?!.. İstiyirsən, belə göyə dırmaş, ordan ulduz gətir – onu heç kim görmiyəcək. Amma bax, elə ki, düşüb öldün…
Qoca: (tələsik sayıqlayır) …ölmürəm… ölmürəm… ölü… ölü.. ölülər… (qəfildən dikəlib yerinin içində oturur, teatral pafosla) Kim?.. – Ölülər?!. (məkrlə gülür, iblisanə) Kim öldü?.. Deyin… mənə deyin, ölən kimdi!.. Bu dəfə kim öldü?!.. Tez olun, deyin mənə!.. Deyin, mən həqiqəti bilməliyəm!..
Qohum: (tamaşçılara danışa-danışa Qocanı yatağına uzadır) …hə… bax, onda heykəlini qoyacaqlar… Balam, biz ölüləri sevirik də, neyliyək?. Biz də bu cür millətik də…
Yazıçı: Siz demədiz… (istehzalı təbəssümlə) o səlnamələrdə nə yazılıb axı?..
Qohum: Deyim, eşit… (mobil telefonu zəng çalır) Bircə dəqiqə… (telefonuyla əlləşir) Bu şoğəribin də dilini öyrənənəcən… (telefonla danışır) Alo?!.. Bıy, səsini eşidək, qardaş!.. (gərginliklə dinləyir) Hələ ki, burdayam… hələ yox… hələ çəkər… Nə bilim, vallah… (gözü Qocada) elə bilirəm səhərə çəkər… Alo?!. Alo?!. Kəsildi… (telefonla əlləşir)
Qoca: (əcayib ciddiliklə) …Bu gün sıyıq çox dadlıdır… amma… elə bil… (qəfildən donur, qalxıb əyləşir, mizin üstündən sıyığı götürüb dadına baxır, ağzını marçıldadıb elə bil tamından şübhələnir) …həmişəki dadı vermir… Elə bil… (sıyığı vahimə içində iyləyir) …bir cür qəribə ətri də var… (sıyığa, dəhşətli nəyəsə baxan kimi baxır, nimçəsini Yazıçıya uzadır, Yazıçı ovsuna düşmüş kimi Qocaya baxır… Ətraf dəyişir. Ecazkar səslər... Yazıçı nimçəni əlinə götürüb iyləyir, elə bil sıyığın qoxusundan məst olur)
Yazıçı: (qəribə nağılçı səsi ilə) …Qəribə ətri var… (ovsunlanmış) …Bu ətri… mən
hardasa qoxlamışam… (ayağa qalxıb əcayib hərəkətlərlə otaqda dolaşır.)
Qoca: (vahimə içində, səsi əks-səda verir) …Mən də... Mən də qoxlamışam... Amma harda?.. Haçan?.. Kimlə?..
İşıq dəyişir. Əcayib musiqi. Yazıçı çəkisiz hərəkətlərlə qorxunc rəqsə bənzər əcayib vəziyyətlər alır.
Qoca: (vahimə içində yorğanı burnunacan çəkir)…Harda?.. Harda?.. (ətrafına boylanır) …Gözüm qaldı yollarda…
Yazıçı: (qəfildən dayanır, səslər kəsilir) …Yadıma düşdü!..
Qoca: Hə!..
Yazıçı: Yasda!.. (Qoca büzüşür) Bu… (yadına salmağa çalışır) …kiminsə yası idi… İndi xatırlaya bilmirəm…
Qoca nərə çəkib yatağına sərilir, Qohum diksinib telefonunu cibinə basır.
Qohum: Can-can-can əmoğlu… Gör bir necə əziyyət çəkir, fağır.. Deyirdim, az yaz, a qardaş, yorma özünü, qədir-qiymətini onsuz da bilən olmayacaq. Sənsə elə yazırdın, yazırdın…
Yazıçı: (Qocaya məhəl qoymadan, nəyisə yadına salmağa çalışır) Onun… (dayanır) …bir cür qəribə adı da var… Sehrli… sirli…
Kimlərinsə hardansa güclə anlaşılacaq fışıltılarla dediyi «müşk…» kəlmələri otaq boyu uçuşur.
Yazıçı: Tapdım!.. (tamaşaçılara) Müşk! Müşkü-ənbər!..
Qoca: (dəhşətli bağırtılarla çığırıb özündən gedir) Ən-bər?!.. Ənnn-bər!..
Yazıçı: (tamaşaçılara)…Bu, qəribə bir ədəvadır… Onu deyəsən… səhv eləmirəmsə… ceyranın göbəyindən hazırlayırlar… Düzgün işlədilmədikdə, deyəsən o… o… bəzən zəhərlənmə də verir…
Qohum: (Yazıçıya) A bala, onu bizlərdə firniyə vururlar… Hüzr düşəndə süfrəyə düzürlər…
Yazıçı: (fikirli) Hə… hə… hüzr düşəndə… (nə isə kəşf etmiş kimi eynəyini gözünə taxıb qovluqlara sarı gedir, özü-özünə «müşkü-ənbər» deyə-deyə orda səhifələri vərəqləyir, nə isə axtarır)
Qoca: (oturan yerdə, vahimə içində) …Müşkü-ənbər!.. Müşkü-ənbər!.. (astadan) …Müşkiyyə… kiyyə… Ceyran…
Yazıçı: (Qocaya sarı çönür, maraqla) Nə dediz?.. (Qohuma) O… nə dedi, Müşkiyyə?..
Qohum: (Yazıçıya məhəl qoymadan tamaşaçılara) Rəhmətlik Xudaverdi dayım da onu yaman xoşlayırdı!..
Qoca: (sayığlayır) …Müşk!.. Müşk!.. Püşk!.. (qəfildən əcayib nazla) Püşk atıram – fala baxıram!.. Fala baxıram – püşk atıram… Canlara dəyən oğlanam…
Yazıçı: (gəlib Qocanın başının üstünü kəsdirir, qulağını az qala onun ağzına dirəyir) Siz… indicə… bu dəqiqə «Müşkiyyə» dediz?..
Qohum: (azca qalxıb oturur, qürurla tamaşaçılara) Allah cəmi ölənlərinizə rəhmət eləsin… (yerini rahatlayır) Xudaverdi dayım da can üstə eynən bax, beləydi… Elə bil… (ətraf dəyişir)…kimnənsə qorxurdu… Yaman qorxurdu… Amma, kimdən?..
Yazıçı: (Qohuma, həm də tamaşaçılara) …Müşkiyyə mənim nənəmin adıdı… Onu o vaxt – 37-də gecə ilə evindən aparıblar…
Qohum: (Yazıçıya məhəl qoymur)…Bax, bunu ta axıracan bilə bilmədik…
Qoca: (gözlənilməz ayıqlıqla)…Yavaş!.. Ehtiyatla!.. (birdən gözüyumulu dəhşət içində bağırır) Ay uşaq, keç ordan!.. Keçin-keçin!.. Yol verin… Görmürsüz, ölü aparırlar?!. Yerə bax, yerə!.. Gör bir necə yırğalanır?!. Elə bil… elə bil lap… (üzü birdən-birə şıltaq ifadə alır) …göbək atır… (uzanan yerdə gözüyumulu çırtma vura-vura)
…bir az yavaş, lap asta…
yıxıllam, ölləm, asta…
yaxın gəl, asta-asta…
gül yığaq dəstə-dəstə…
ay boyu bəstə-bəstə…
Yazıçı vahimə içində geri çəkilir.
Qohum: (heç nə olmayıbmış kimi, sözünün ardına davam edir) O boyda kişi ki, təpiyini yerə vuranda… (ayağa qalxıb təpiyini yerə vurur, Qocanın çarpayısı titrəyir) …yer titrbyirdi!.. Ölənə yaxın dönüb oldu, ayıb olmasın, lümək cücə… Əsim-əsim əsirdi…
Yazıçı: (fikri Qocada) Sizdə nə qədər ölən olub, ay canım?!.
Qohum: (Yazıçıya məhəl qoymadan)…təri, bax sel kimi belə axırdı… Elə hey deyirdi: «gəlir… baxın, gəlir…» – deyirdi…– «qoymayın, aparacaq…» –deyirdi…
Yazıçı: Sözünüzü kəsirəm siz…
Qohum: (eşitmir, yamsılayır) Bax, «Canımı almağa gəlir!..» – deyəndə… (təsirlənir) Hə-ə, bax onda bildik ki, Əzrayılı deyir, yazığ… (yenə burnunu silir, yaylığını səliqə ilə qatlayır)
Qoca: (sayıqlayır, əsəbi)…Əzrayıl?!. Əzrayıl kimdi?!. Neçə dəfə deyəllər, hər yoldan ötəni qəbuluma buraxmıyın!..
Qohum: (Qocaya məhəl qoymadan tamaşaçılara) …Rəhmətlik daydostu Münəvvər bibim də eynən belə… bax, eynən bu cür!.. Baxmayaraq ki, o da çox savadlı qadın idi… kəlmeyi-şəhadətini bir deyirdi, bir deyirdi… Nə bilim?!. Hər ədəvası ilə, zər-zənguləsiylə… Bax, o da… (ciddi bilici görkəmi alır) o da eynən bax belə… Elə hey deyirdi: (yamsılayır) «Gəlir… qoymayın, gəlir!..» – deyirdi…
Yazıçı gəlib Qocanın başı üstə dayanır, əyilib cibindən çıxardığı əl lupası ilə onun bəbəklərini yoxlayır.
Qoca: (tamaşaçılara, sayıqlamada) Ova gəlib… Ovçudu… Ovçu Pirimin nağılı… Nizəsiylə gəlib… Özü də tək deyil… Üç nəfərdilər… Üçünün də əlində nizə var…
Qohum: …elə hey deyirdi: «Kitabı verin mənə…» Dua kitabını deyirdi… Biz də gətirib verirdik. Vallahi-billahi, bu kitabı yazıq bir basırdı bağrına, bir basırdı bağrına… tək yeganə balasını da belə qucaqladığını görməmişdik! Sora da başlayırdı özü-özüyçün… kitaba baxmadan ha!.. elə sinədən oxumağa… Bah!.. Bu, elə bir mənzərəydi… Nə bilim?!. Baxan, vəcdə gəlirdi… (qəfildən harasa yuxarı) Allah sənə rəhmət eləsin, ay Münəvvər daydostu!.. Ay mənim savadlı, dünyagörmüş, kitabsevər daydostum… (yerini rahlayır) Ba-ax… uşaqlarıma da demişəm: Yasinimi özüm oxuyacam… İndiki mollalara etibarım yoxdu vallah…
Qoca: (sayıqlayır, vətənpərvərlik təlaşıyla)…Ay haray!.. Ay haray!.. Ana Vətən çağırır!.. (qəfildən harasa ayrı tərəfə) Eşitmirsən, qodux?.. Mən yox… mən ölürəm… içim yanır… (Yazıçı diksinib yerinə qayıdır. Qoca konvulsiv hərəkətlər edir) …Ay haray! Ay haray!.. Qoymayın!.. Apardı!.. Apardı sellər Saranı…
Qohum: (gözü Qocada, tamaşaçılara) E-eh! Deyirəm, can şirin şeydi, bala… Rəhmətlik Əfzəldin babam öləndə elə can verirdi… elə can verirdi… (özü-özünə astadan) …verməsəydi, ondan yaxşıydı. (tamaşaçılara) O boyda kişi… o tövr Rüstəm Zal… Nərə çəkəndə… (ayağa qalxıb əlini toqqasına keçirərək nərə çəkir)
Qoca: (diksinir, Qohuma astadan) İtil burdan, heyvərə!.. Qocaldın, yenə adam olmadın… Öküzün biri öküz!.. O tövr ki, səni böyütmüşdülər…
Qohum: (Qocaya məhəl qoymadan) …o tövr zəhmli adam, dönüb olmuşdu evin ən mağmın uşağı… Bax, başını beləcə aşağı salmışdı… dili-ağzı tutulmuşdu… Soruşurdum ki, (qəfildən qulağı ağır eşidən kiminləsə danışan kimi bərkdən) «Əfzəldin baba!.. Ay Əfzəldin baba!.. Uzaq yola çıxırsan! Bəlkə ürəyin yol üstə nə isə istiyə?!. De, yerin deşiyindən də olsa, tapım gətirim!.. Yolun uzaqdı, tədarükünü gör…» O isə… dinmirdi… gözünü, bax beləcə… (təsvir edir) …aşağı dikib mağmın uşaq kimi elə bil nədənsə utanırdı… Pa-atennən!.. Deyirəm, bu can adamı nə günə sala bilərmiş ə?!..
Yazıçı: (qovluqlarla məşğuldu, eynəyi gözündə qeydlər aparır) Elədir… elədir…
Qoca: (sayıqlayır) Aman-aman!.. Yandım, aman!.. (qəfildən astadan Yazıçıya) …Dəymə onlara… Orda sənlik bir şey yoxdu… (yazıq-yazıq) …Axı… necə əlin gəlir?.. Axı onlar… səninki deyil…
Yazıçı: (qovluqdan oxuyur, fikirli) Mənimkidi…
Qoca: (sayıqlayır) Yox... yox!.. Elə demə!.. Bağrım çatlayır!.. Elə demə… (qəfildən ayağa sıçrayıb Yazıçının üstünə cumur)…Girmə bağçama!.. O bağçanın bülbülü mənəm!.. (Yazıçı hürküb otağın ayrı küncünə qaçır) Onlar… onlar vəhşilər üçün yazılmayıb!.. İnsanlar üçün, adamlar üçün yazılıb!.. Onları insanlar oxuyacaq… (qəfildən zəifləyir, qaçıb yerinə girir, iniltiylə) Yeri get işüvnə, ay ov adamı!..
Yazıçı: (Qocaya məhəl qoymadan, yorğun halda tamaşaçılara) Əvvəllər mən də, Səidə də ona inanırdıq… Səidə deməsəydi ki, mən qapıdan çıxan kimi bu «ölü» xortlayıb yerinin içində dim-dik oturur… hələ bu bir yana qalsın, qəzetləri qabağına töküb… (əsəbi təbəssümlə gülümsəyir) …krossvordlara girişir?!.
Qoca: (yazıq səslə Yazıçıya) Vallah, ölürəm… içim doğranır… yanır!.. (tamaşaçılara) …İnanmırsız, ölürəm?..
Qohum: (Qocanı yerinə uzada-uzada) A bala, niyə inanmırıq?.. Allah eləməmiş-Allah eləməmiş, Yezid-zad döyülük, ha… Görmürük, ölürsən?.. Tay adam nə təhər ölər?!. Özünü darıxdırma, əmoğlu… tay lap az qalıb… Döz bir az… (tamaşaçılara qürurlaıı) Bir azdan ağlayacağıq… Sənə də… imama da… (bir anlıq düşünür) Yezidə də!..
Yazıçı: (onlara məhəl qoymadan sözünə davam edir)…Bu yazıq təcili yardım işçiləri də girinc-giriftar olublar bunun əlindən… Hər dəfə gəlib onu təpədən-dırnağa – ürəyini, təzyiqini, bəbəyini, temperaturunu, daha nə bilim nəyini yoxlayırlar… Sonra da deyirlər: «Ölür!» (keçib Qocanın baş tərəfindən durur, onu ikrahla süzür) İndi daha onlar da gəlmir...
Qoca: (uzanan yerdə gözünü açır, ciddi) A bala, görmürsən ölürəm?!.. Həkimlər gic-zaddı bəyəm, öz başlarına elə disünnər ki, «ölür?..» (birdən qalxıb oturur) Bax, bu – mənim burnum: gör bir nə gündədi?!. Sapsarı saralıb, uzanıb… (tamaşaçılara) O gün, elə uzandığım yerdə… elə bil birdən kimsə burnuma maqqaş keçirdi… çəkib-çəkib uzatdı… (Yazıçıya) Bu da qulaqlarım… (qulaqlarını əlləşdirir) Azdı bunnar?.. Azdısa, dalını deyim… (yorğanını qaldırıb əlini şalvarının içinə salır) Bax, bu…
Yazıçı: (tələsik) Lazım deyil-lazım deyil, siz Allah… (yerinə qayıda-qayıda) Biabırçılıq...
Qohum: (fikirli halda tamaşaçılara)…Şərəfəddin bibioğlumsa… ölməyə lap azacıq… lap belə ditdanacıq qalmış elə:«müşkü-ənbər!», «müşkü-ənbər!» deməyə başladı… O müşkü-ənbəri ki, bizlərdə halvaya vururlar a!..
Qoca: (sayıqlayır) «Halva-halva» deməklə ağız şirin olmaz… Gərək… (nəfəsi təngiyə-təngiyə göstərir)…Gərək onu belə… yeyəsən… (qəfildən bağırır) Hamuvuzun halvasını yeyəcəyəm, köpəy uşağı!..
Qohum: (fikirli halda Qocaya baxa-baxa) Yenə halı çöndü… Bu «müşk» sözü nə isə mənə də bir təhər təsir eləyir e… Elə bil… (üzündə vahimə dolanır) …elə bil lap O dünyanın sözüdü… Ordan bura damcı kimi düşüb… (tilsimli səslə) …Müşk!.. Müşk!..
Qohum «müşk» dedikcə Qoca titrədir.
Yazıçı: (tamaşaçılara) O gün Səidə deyir ki…(Qohuma)…Doğrudan, heç soruşmuram, bəs Səidə hanı?..
Qohum: Başını itirib yazıq Səidə… Qabağınca qonşuya çıxdı. Həkimə zəng eləməyə getdi. Telefonu da səhərdən kəsiblər. Bu külək də bu yandan… Əvvəl sizin qapınızı döydü, açan olmadı… (birdən duruxub dayanır) Bıy, doğrudan heç bilmirdim, demə sən tay bu binada qalmırsan, hə?.. Səidə deyir, hardasa özüa qəşəng bir imarət tikdiribsən?!. Sağlığına qismət… Deyəsən, sənə nə isə zırpı bir mükafat da veriblər, hə?.. (Yazıçı onu eşitmir, saçlarını iki əli ilə bir-birinə qatıb qarışdıra-qarışdıra otağın ortasıyla lunatik kimi o yan-bu yana gəzişir) Sənnənəm, a bala… Pul, yoxsa orden?..
Yazıçı: (fikirli halda özü-özünə) Orden… orden… (birdən nə isə anlayan tək dayanır, içini çəkib tamaşaçılara) Orden?!.. Ax orden!.. Gərək Səidədən, onun ordenlərinin yerini soruşaydım!.. (qaçıb yazı stolunun arxasında kağızlara nə isə qeyd edir)
Qoca: (ayağa sıçrayıb özünü masanın yanına atır) Ordenlərin hamısı burdadı!..
Yazıçı: (Qocanı istehzayla müşahidə edir, tamaşaçılara) Guya indi bu can verir də… Bir qulağı isə burdadı…
Qoca: (əllərini belinə vurur) Bə nə?!. Bəs niyə deyirlər: «Bir ayağı o üzdə, biri burda?!.» Niyə deyirlər: «Bir qulağı o tayda, biri bu tayda», hə?..
Yazıçı: (ona məhəl qoymadan) Demək elə ki, görürdük bu, ölür… Yəni hər dəfə inanırdıq da ki, bu, ölür… təcili yardımı çağırırdıq. Təcili yardımın işçiləri də daha cana yığılıb da bura gəlməkdən…
Qoca: (yerinə qaydı-qayıda tamaşaçılara) Üzləri yoxdu gəlməyə, ona görə!.. Əllərindən bir iş gəlir ki, gəlsinnər?!.. Köpəy uşağı!.. (yerinə oturub əsəbi çığırtıyla)Hamısını zindana!.. 463-cü kameraya!..
Yazıçı: (stolun arxasına keçib yazır) Dörd yüz altmış üç… (fikrə gedir) Yenə həmin nömrə…
Qoca: (şübhə içində özü-özünə) Qəribədi... Niyə gəlmirlər, hə?.. Bəlkə mən… ölmüşəm?.. Hə?.. (vahimə içində) …Bəlkə… artıq… yoxam?.. Hə?..
Qohum: (Qocanı yatağına uzada-uzada) A kişi, niyə yoxsan?.. Budu ha, burdasan, bizimləsən! Hələ ki, nəfəsin gedib-gəlir… Özünü darıxdırma. (əsnəyir) Bir ölümə çarə yoxdu…
Qoca: (vahimə içində) Ölümə çarə yoxdu?.. Necə yəni… (fikirli, özü-özünə) ölümə çarə yoxdu? (qəfildən hirsli) Bu nə səfeh söhbətdi?!. Kim uydurub bu cəfəngiyyatı?!.. (yamsılayır) Ölümə çarə yoxdu – ölümə çarə yoxdu!.. (qeyzlə) Bu dünyada hər şeyə çarə var!.. (tilsim dolu səslə Yazıçıya) Bu dünyada hər şeyə çarə var qızım… Eşit, qeyd elə: elə şeylərə çarə var ki, «Ölüm!» orda heç nədi… (səsi bir az da enir) Məni anladın, bala?..
Yazıçı: (Qocaya məhəl qoymadan tamaşaçılara)…Təcili yardım da… nə qədər çağırırsan, ünvanı eşidən kimi dəstəyi asırlar…
Qoca: Cəhənnəmə assınlar!.. (dikəlib oturur, eynəyini taxıb qəzeti tərsinə tutaraq gözdən keçirir) Qudurğanlığa bir bax e!.. Dəstəyi asırlar!.. (birdən gözləri qıyılır, əsəbi çığırtıyla) …İzyat svalaçnuyu mraz!.. (Yazıçıya, astadan) …həkimləri deyirəm… vreditelləri!.. («qəzet oxumağına» davam edir)
Yazıçı: (Qocaya məhəl qoymadan) …Onlar deyirdilər «ölür…» amma elə ki, Səidə ilə mən… (yaradıcı ovsunda) …onun heysiz, qoca əlinin… çarpayısının kənarına oturub təzyiqini ölçən həkimin… – kök, yaraşıqlı qadının ağappaq biləyinə əqrəb kimi sarılıb orda nəyisə acgöz-acgöz… (bir əli ilə o biri biləyini sıxıb-buraxa-buraxa təsvir edir) sümürən təki yığılıb – açıldığını görəndə mat-məəttəl qalırdıq!..
Nə isə dəyişir. Əcayib musiqi.
Qoca: (qəzetdən oxuyur) Onun bu şorgözlüyünün, bu xəstəhal qadın hərisliyinin bədnam izlərini o, öləndə də... son nəfəsi boğazında çalxalanıb bitəndən sonra da ölü bəbəklərində görəcəyimizə nə mənim, nə də Səidənin şübhəsi yox idi…
Yazıçı: (sarsıntı içində Qocaya sarı çönür) …Siz… onu hardan oxuduz?..
Qoca: Nəyi?..
Yazıçı: (ovsunlanmış kimi Qocaya sarı yeriyir) …Bu… indicə dediyiniz o cümləni… Onu hardan oxuduz?..
Qoca: (ciddi) …Cümlə?.. Hansı cümlə?..
Yazıçı: Bu cümlə… mənim son əsərimdəndi… Onu… (narazı təəccüblə özü-özünə) …onü mən heç çapa da verməmişəm… (Qocaya) …Siz bunu hardan oxuduz, hə?..
Qoca: (astadan) Bıy, məgər bu sənin cümləndi?.. (fikrə gedir, çiyinlərini çəkir) Qəribədi…
Qohum: (mürgü içində) …Dəryadı – dərya… Sonsuz, dibsiz ümman!.. Sülhəddin xalam oğlu da… (sözləri yuxunun içində əriyib yastılanır) …be-lə-cə… de-yir-di…
Yazıçı: Siz…
Qoca: (qəfildən dəyişir, astadan) Sözümü kəsmə!.. Bax, mənim haqqımda həmin o «çap olunmamış» əsərində yazırsan: «onun xəstəhal qadın hərisliyi…»
Yazıçı: (qorxu və çaşqınlıq içində) Bəli… qadın hərisliyi…
Qoca: Qadın hərisliyi, xanım qız, bütün başqa sevdalar kimi… misal üçün, azadlıq sevdası… yaradıcılıq ehtirası kimi adi bir azardı. Əslində bütün bunlar xəstəlikdir də… İndi hərənin bir xəstəliyi var… Məsələn bax, (mürgüləyən Qohumu göstərir) bu adam – məclis xəstəsidi… Xüsusən yas mərasimlərinin düşkünüdü. Kim öldü – orda molladı, kim doğuldu – orda mamaçadı… Sənsə… (mizin üstündən olmayan nə isə götürüb qaşıqla yeyir)
Yazıçı: (Qocanın yeyib qurtarmasını gözləyə-gözləyə səbri daralır) Si-zin bu şam mərasimi başa çatmadı hələ?..
Qoca: (boğazındakını «udub») Sənin… (yenə mizin üstündən gözəgörunməyən nə isə götürüb yeyir, ağzındakı «tikənin» yekəliyindən dediklərini güclə anlamaq olur) …Səninsə azarın… yazıdı-yazı… Bəli-bəli, yazı… Yazı, qələm… (çeynədiyini nəhayət ki, udur, o biri «tikəni» Yazıçıya uzadır)
Yazıçı: («tikəni» alıb çeynəmədən, mexaniki udur, nə isə anlamış kimi ovsunda) Yazı?!..… Yazı… (fikirli) qələm… (tamaşaçılara) Hə… Axır vaxtlar… (çaşqın qorxu içində) …mən yuxuda da yazıram…
Qoca: Ay aton rəhmətlik… Danış bala, aç ürəyini, çəkinmə…
Yazıçı: (ovsunda)…axır vaxtlar… yazıyla çox məşğul olduğumdan… ya nədənsə… (çiyinlərini çəkir) …tədricən elə bil danışıq qabiliyyətimi itirirəm… Danışıq, şifahilik son vaxtlar nədənsə mənə… kobud və yöndəmsiz gəlir… Görünür mən… (vahiməli şövqlə, sirr açan tək astadan) …yavaş-yavaş yazıya çevrilirəm!..
Qoca: Bə mən nə deyirəm?..
Qohum: (təsirlənir, Qocaya) …Yaman deyir, hə?.. Sözləri elə bil qabırğalarımın altını qıdıqlayır…
Qoca: (mürşid təbiri ilə) …Həyat isə bu deyil, bala! Həyatı bizlər görmüşük, qızım!.. (qürurla xatırlayır) …At belində, çiynimdə beşaçılan… bu dağ sənin, o dağ mənim… Rayona girəndə… bütün evlər tir-tir titrəyir… Bir köpək uşağı gözümdən qaça bilməzdi!.. (şüarla) «Hamı ön cəbhəyə!..» «Ana Vətən çağırır!..» (Yazıçıya) Eşidirsən?!. Eşit, qeyd elə! Bax, material budu!.. Yoxsa ki, «əqrəb belə gəldi», «bulanıq su» elə getdi… Neyləyəsən sən yazıq, gördüyün odu… Bax, bu yazılar… (qürurla qovluqlara baxır) …dövrün mənzərələridir… (təsirlənir) …Bunları mən… gələcək nəsillər üçün yazmışam… Bizlər gələcəyi düşünmüşük… Milyonları düşünmüşük… Sənsə… (susur, yenə dişsiz ağzıyla bərk «tikəni» əzişdirir)
Yazıçı: (sükutdan sonra ifadəsiz) …Deyin də... Nə mənsə?..
Qoca: (eynəyini gözünə taxır, Yazıçını başdan-ayağa süzür) Vallah yazıqsan, bala… Bu dünyanı, qələminlə, goru eşən tək az eş, qızım… Onsuz da axırına çıxa bilməyəcəksən…
Qohum: (oturduğu yerdə mürgüləyir, yuxuda sayıqlayır) …bilmədiyin söz yoxdu… hər elmə yiyələndin… o qiymətli qafana yığdın... nə əziyyətlər çəkdin…
Qoca: (Qohuma, astadan) …Sən sus!.. (Yazıçıya) Qızım, mənim balam, belə olmaz… Bir özün fikirləş. Bax, cavan, yaraşıqlı qadınsan… Gül kimi ailən, uşaqların… Hər tərəfli uğurlu həyatın… Dünyanın ən böyük ödülünü – Nobel mükafatını da aldın… Adın dünya tarixinə yazıldı… Hörmətin, izzətin… qılıncının qabağı da kəsir, dalı da… Bir ətək də pul verdilər sənə… Balam… get yaşa də!.. Bir az da özün üçün yaşa… Özün yaşaya bilmirsənsə, yaxınlarına, uşaqlarına gün ağla… Onu da istəmirsən… Adama deməzlər ki, balam, bəs nə istəyirsən?..
Yazıçı: (hələ də pərt) …Nobel mükafatı?!. Onu mən istəməmişdim… Onlar özləri verdi…
Qoca: Bah-bah-bah… Sən dedin, mən də inandım… Amma, məsələ onda deyil… Onda deyil…
Yazıçı: (hövsələsiz) …Onda deyil?..
Qoca: Məsələ ondadı ki… (hansısa sirri açan kimi, şübhə dolu ciddiliklə) …yazdıqlarına və dediklərinə görə belə çıxır ki… (şübhə ilə Yazıçıya baxır) …sən adam deyilsən…
Yazıçı: Adam deyiləm?!.
Qoca: (ata nəvazişi ilə) …Belə çıxır, mənim balam…
Yazıçı: (şübhə içində, fikirli) …Adam deyiləm…
Qoca: …İndicə özün dedin ki, danışmağı da yadırğamısan?!. Amma bu, sənin günahın deyil, qızım... Əlindəki bax, o qələmin fitvalarıdı!.. (Yazıçı əlindəki qələmə baxır) …Sizləri pis günə qoyan da odu!.. Gah bu yana çəkir sizi, gah o yana sürüyür, gah sağa, gah sola çevirir… Gah göylərə qaldırır, gah da kəlləsi üstə yerə elə çırpır ki, olan-qalan ağlınızı da itirirsiz… (şair təbiri ilə) …Yenə göylərdədir şair xəyalım…
Yazıçı: Siz məni anlamırsız. Qələm… (söz axtarır) Qələm – (kədərli sirri açan kimi tamaşaçılara) …mənim adımdı…
Qoca: (gözləri bərəlir) …Adundı?.. (tamaşaçılara) Aha, yenə başladı… Yenə uydurmalar işə düşdü… Onun adını bilməyən varmı, siz mənim canım?..
Yazıçı: Mən heç nəyi uydurmuram…Mənim adım... (qəfildən bəyanət şəklində) Mənim əsil adım Qələmdi Qələm!..
Qoca: (əsəbi) Bəsdir!.. Bəsdir uydurduğun!.. Bütün yazdıqların da beləcə uydurmadı!.. Hamınız uydurursuz!.. Homerdən bu yana uydura-uydura gəlirsiz!.. (Yazıçını yamsılayır) «…əqrəb kimi… acgöz-acgöz sümürür…» Bəli, sümürürəm!.. Bəli, ləzzət alıram!.. Olmazın ləzzət!.. O anlarda… (ehtirasla) ətrafımda saysız-hesabsız pəncərələr açılır… oralarda nələri gördüyümü sən heç təsəvvür belə edə bilməzsən!.. Bilmədiyin nə barədəsə necə yazmaq olar axı?!.
Səidə həyəcan içində otağa daxil olur, Qoca yatağa yıxılır.
Səidə: (təngənəfəs) …Düşə bilmədim… (Yazıçıya) …bəlkə maşınla gedim?..
Yazıçı: Hara?
Səidə: Təcili yardıma… (bezmiş halda) …Görmürsən, yenə nə gündədi?..
Qoca: (uzandığı yerdə oxuyur)
Gün çıxmamış sən tarlaya çıxanda,
Səs salırsan hər mahala Sürəyya…
(qəfildən motivi dəyişir) …Çıx yaşıl düzə…
Qonaq gəl bizə…
Yazıçı: (yorğun halda Qocaya baxa-baxa) Nə gündədi?..
Səidə: (sakitcə) Yazıq nənəmin də başına bu oyunları açmırdı?!. (Qoca mahnı oxuyur) Guya xəstələnib yorğan-döşəyə düşürdü, bədənini soyuq tər basırdı… Yazıq arvad dərman dalınca gedib-gələnəcən aradan çıxırdı…
Qoca: (sayıqlayır)…Daha eləmərəm… buraxın gedim…
Səidə: …Nənəm deyirdi: «Kişi elə bil arvad acıdı! Elə bil arvadları yeyir!..» – deyirdi… O dəfə görmədin?.. Az qalmışdı həkimin biləyini belə… (keyimiş halda Yazıçının biləyindən yapışıb ağzına aparır) çeynəyib yeyə?..
Qoca: (çaşqın halda gah Yazıçıya, gah da Səidəyə baxa-baxa guya sayıqlayır) (səsi yazıqlaşır) …Yemirəm… İstəmirəm! Daha ürəyim bulanır… daha sıyıq istəmirəm… Şor… şor istəyirəm!.. Ay!.. Vurma məni!!!
Qohum: (yuxudan dik atılır, özünü Yazıçının üstünə atır) A bala, niyə qırırsınız bir-birinizi?.. Nə istiyirsiz bu kişidən?..
Qoca: (ağzının ucuyla) …Nə istəyəcək, canına azar istəyir… Guya nənəsini axtarır… (tamaşaçılara) Balam, harda görünüb ki, qovluqda nənə axtaralar?.. Əslində ona heç nənə – filan lazım deyil! (xəbis-xəbis) Nənəsini meşədə canavar yeyib… Onun iyinə gəlib… Qan iyinə. (qəfildən heysizləşir, sayıqlayır) …amma əbəs yerə… elə beləcə… …maraqdan qovrula-qovrula öləcək… (qəfildən ayrı səslə harasa ayrı tərəfə) Diyan – diyan, bu şillə sənə baha oturacaq… İstiyirsən belə lap orda ölək!.. Çuvalda… O çuvalda ki, buğda var… (qeyzlənir, ayrı səslə) …Nə hətərən-pətərən danışırsan, əbləh?!. Təsdiq edirəm – budur!..
Qohum: (Səidəyə, xoflu) Deyəsən tay Əzrayılla danışır… (cibindən yekə yaylığını çıxarıb gözlərinə sıxır) Yazığ əmoğlu… Hanı sənin o günlərin?!. Qapında cüt-cüt dayanan qara dövlət maşınların?.. Zəhmindən zağ-zağ əsənnər?.. Yağışmı yudu?.. Selmi apardı?..
Qoca: (sayıqlayır) …dağa qalxıblar… Buz bulaqlar… göy çəmən… (oxuyur)
Sərin bulaq, isti kabab, göy çə-mən…
Dörd yanımız ətir saçan ya-sə-mən…
Səidə: (bezgin halda Yazıçıya) …İndi neyləyək biz bununla?..
Qoca: (qəfildən qeyzlə bağırır) …Biabırçılıqdı!.. İt yiyəsini tanımır!.. Belə də ölkə olar?!. (birdən çığırır) Buranın bir yiyəsi var, ya yox?!. Sizdən soruşuram?!. Orda… (təngənəfəs) rəhbərin plakatı cırılıb… özü də düz ağzınnan! (səsi zəifləyir)…Küçələr adamla dolub daşır… Adamlar zibil kimi hər yeri bürüyüb… (zəhmli səslə qışqırır) …Yığışdırın bu adamları burdan!..
Qohum ayağa sıçrayır, tələsik mobil telefonda nömrə yığır, əlləşə-əlləşə dəhlizə çıxır. Səidə qorxu içində geriyə səndələyir.
Qohum: (dəhlizdən səsi gəlir, telefona çığırır) Siz yeri qazdırın! Elə orda – Əfzəldinin yanında! Bir az dərin qazdırın! (əsəbiləşir) Bə mən nə deyirəm?!. Pisdi!.. Hə, lap pisdi!.. Olsun ki səhərə çəkər!.. Yox-yox, bu dəfə tay üzü o yanadı!.. (daha bərkdən) Deyirəm o - ya – na – dı!.. Ə, kişi ö - lür!.. Başa düşdün?.. Ö-ö-ö-lü-ü-ür!!!
Bayaqdan zabitəli görkəmlə ətrafına göz gəzdirən Qoca bu sözdən durduğu yerdə çeçəyir, nəfəsi itə-itə əcayib öskürək tutmasında boğulmağa başlayır. İşıq dəyişir. Əcayib səslər. Səidə qorxudan geriyə çəkilir, yerindəcə donub qalır. Yazıçı ayağa qalxıb anlaşılmaz şövqlə Qocanın konvulsiyalarını izləyir. Səidə «həkim, həkim!..» deyə-deyə təlaş içində otaqdan çıxır.
…Otaqda bir-birinin ardınca mərhumlar peyda olmağa başlayır. Onların mərhum olduğu – boz, cansız ifadəli üzlərindən bilinir.
Əvvəl Qafar, əlində köhnə akkordeon daxil olur. Özünü ehtiyatla qovluqların içinə salıb orda elə bil hansısa sənədi axtarmağa başlayır. Sonra Xədicə peyda olur, sualtı çəkisizliyi andıran ləng hərəkətlərlə otaq boyu gəzişir, Qocanın çarpayısını, yorğanını səliqəyə salır. Daha sonra növbəti mərhum – Məmur görünür, Qafara nə işarə edirsə, o biri səssiz akkordeonunu «çalmağa başlayır.» Məmur Qocanın çarpayısının kənarına əyləşib onun üzünü yaxından tədqiq edir.
Qoca: (isterik şikayətlə mərhumlara) O, bura məndən ötrü gəlir… Özü də gör bir nə vaxt – mənim bu vəziyyətimdə... (nəyəsə üstüörtülü işarə ilə) O, hər şeyi bilmək istəyir… Olmayanları da… (Qafara) …Sənin çaldığın havanı da… (Məmura) …Sizin qan qrupunuzu da…
Qafarla Məmur Yazıçıya qəzəblə baxırlar. Xədicə üzünü tutur.
Yazıçı: (yorğun) …Mən… Onsuz da biləcəyəm… Əslində mən…
Mərhumlar dəhşət içində, səssiz bağırtılarla yoxa çıxırlar.
Qoca: (sözünü kəsir) Səni hamı yaxşı tanıyır... Hamı bilir əslində kimsən…
Yazıçı: Kiməm?..
Qoca: Kimsən?.. Deyim kimsən?.. Mənfur casus!.. Tfu!..
Yazıçı: Mən?!. Mən… mənfur?!.
Qoca: Mənfur- mənfur!.. İndi də nənəsinin uydurma faciəsini bəhanə eliyib evlərə soxulan mənfur casus!.. Vot!..
Yazıçı: Siz… mən… axı…
Qoca: Hə… Nədi?!. Söz tapmırsan, ay söz ustası?!.
Yazıçı: (çaşqın) Siz… Bu… casusluq deyil… Bu... (söz axtarır) Bu, mənim peşəmdir!.. Bunun nəyindən qorxursuz ki?!.
Qoca: (istehza ilə) …Qorxuram… Yaman qorxuram…
Qohum: (telefonla danışa-danışa içəri daxil olur) …Elə günə düşüb ki, yazıq… görsəz, pis olacaqsız…
Yazıçı: (heç kəsə məhəl qoymadan Qocanın üstünü basdıraraq) …Amma mən… bir qoca tanıyırdım ki, ömrü boyu ailəsinə, yaxınlarına zülm və haqsızlıqlar edə-edə, əclaflıqlar və murdarlıqlar bataqlığında üzə-üzə uzun-uzadı, xəstəliksiz, ehtiyacsız, rahat bir ömür yaşadı… (xüsusi vurğuyla) …Ölən günü isə!.. o qədər incələşib gözəlləşdi ki… çönüb on altı yaşında gənc, məsum oğlana bənzədi… (çaşqın təəccüblə, Qocaya baxır) …Və həmin o yaraşıqlı… bakirə üzü ilə də… (nəyisə kəşf edən kimi) …bu dünyanı tərk etdi!..
Qoca: (qəfildən ayılır, sevinc dolu qürurla) Əhsən qoca!.. Əhsən!..
Yazıçı: (elmi-tədqiqat işi aparan tək tamaşaçılara) Bax burda… bizi hansısa qorxunc həqiqətlərin astanasına aparıb çıxaran izaholunmaz sirr var…
Qoca: Yenə başladı… Anlaşılmaz!.. İzaholunmaz!.. Yenə sirr açır… Sirr xəstəsi…
Yazıçı: (qəfildən dəyişir, qocaya sarı çönür) …Demək deyirsiz bu qiymətli «səlnamələriniz» gələcək nəsillərə xidmət edəcək hə?.. (əlini qovluğa atır) … Baxaq görək…
Qoca: (saxta qorxu ilə) …Aman, yavrum, neçin mənə zülm ediyorsun həp?!. Dəymə… dokunma onlara, sakın!..
Yazıçı: (qovluqlardan birini açır, altdan-altdan Qocaya baxa-baxa oxuyur) …Oxuyuram «ömrünüzü həsr etdiyiniz» səlnamələri!..
Qoca: (qəfildən ayağa sıçrayıb özünü yazı masasının yanına atır, əlindəki tapançanı Yazıçıya tuşlayır, boğuq səslə) Əllər yuxarı!.. Haramzada!..
Yazıçı əlləri yuxarıda ayağa qalxır. Sim qırılmasını andıran səs…
Qoca: Kənara çəkil!.. (Yazıçı əlləri yuxarıda kənara çəkilir) Bu evdə, mənim süfrəmdə yediklərin sənə haram olsun!.. Otur, yaz!..
Yazıçı: (əlləri yuxarıda) …Nə yazım?..
Qoca: Yaz ki, mən, filankəsova filankəs – (xüsusi vurğuyla) …Nobel mükafatı laureatı!.. …İllərlə etimad qazandığım bu evə məqsədyönlü gizli səbəblə gəlmişəm. Məqsədim – babam yaşında adamın – qocaman təqaüdçünün qəlbinə nüfuz edib munis sirlərini əldə etmək, əldə olunanlara bəzək-düzək verib veteranı bir ünsür kimi cəmiyyətdən ləğv etmək idi. Lakin, yazaraq söz verirəm ki, öz yeni əsərlərimdə veteranın yenilməz ideyalarına sadiqlik ənənələrini əzmlə davam etdirəcəyəm. Bir daha bir də şübhə doğuran sətiraltı məcazlardan istifadə etməyəcəyəm…
Yazıçı: (əlləri yuxarıda) …Mən… bunu yaza bilmərəm…
Otağa Qohum daxil olur, gəlib yerinə əyləşir.
Qohum: (onlara məhəl qoymadan tamaşaçılara) Deyirəm, gör bir hansı zəmanəyə gəlib çıxdıq. Bir qazıtdığ yerin qiyməti insanın özündən baha çıxır…
Yazıçı: (Qohum eşitməsin deyə, astadan Qocaya) Tapançanı yerə qoyun.
(Qoca başını bulayır) Yerə qoyun deyirəm!.. Yoxsa bu saat…
Qoca: Nə bu saat?..
Yazıçı: Sizin bu… (qovluqları göstərir) … «səlnamələrinizi» açıb qoyaram ortaya… televiziyanı, jurnalistləri də yığıb tökərəm… Qoy görsünlər, tanısınlar, əslində siz kimsiz…
Xədicə işgüzar addımlarla otağa daxil olur, tapançanı Qocanın əlindən alıb əvəzinə nimçə verir, sonra qovluqların tozunu almağa başlayır. Qoca qorxu içində sıyıq yeyir. Yazıçı yerinə əyləşib işinə davam edir.
Qoca: (gözü döşəmədəqə, qorxu içində içini çəkir) Xədicə!.. Ay Xədicə!.. Gəl, bu siçovulunu tut!.. Çarpayının altını yeyib dağıtdı… indi də qovluqlara girişib… Sənin sevimli qovluqlarına…
Qohum: Hardadı Xədicən, ay qurbanın olum?!. (gözlərinin yaşını qurulayır) …İndi hardan tapıb verim onu sənə?.. Az qalıb… Tay döz bir az… Tezliklə görüşəcəksiz… (yaylıqlı əlini Qocanın üstü ilə yelləyə-yelləyə şer deyir).
Bu dağlar, qoşa dağlar,
Verib baş-başa dağlar,
Bu yoldan kimsə ötüb,
Göy inlər, bulud ağlar…
Xədicə Qocaya yaxınlaşır, başının üstündə dayanır. Yazıçı qovluqlardan birini oxuya-oxuya otağdan çıxır.
Qoca: (Xədicəni görüb qorxu içində tamaşaçılara) …Yenə hirslidi… (Xədicəyə yalvarışlı səslə) …Bir yadına sal… yadına sal da… necə sənin də, uşaqların da əziyyətini çəkmişəm… sizi necə saxlamışam… bu mərtəbəyə qalxanacan, gecə-gündüz, gözümün qarası gedib ağı gələnəcən işləmişəm… yazmışam… yaratmışam… O deyna… (qovluqları göstərir) …topdağıtmaz xəzinə qoyub gedirəm… O qovluqların hər birinə bir bufet… bufet nədi, lap belə imarət almaq olar… Uşaqların da, sənin də çörəyini bax, bu əllərimlə… o qovluqlarla qazanmışam…
Xədicə Qocanı dinləyib qəfildən ona şillə çəkir. Qoca şillənin ağrısından it kimi zingildəyir.
Qohum: (muğamat üstündə ağı deyir) …İndi Xə-dicə-ə-n gözlə-ə-yir səni… Bağrına basıb gözlə-ə-rind-ən öpəcək. Belə deyəcək, a-ay Bağı-ı-r... can Bağı-ı-ır…
Xədicə çönüb bir şilləni də Qohumun peysərinə ilişdirir.
Qohum: (başını tutur) Uyu, elə bil təzyiqim qalxdı…
Səidə: (dağınıq qovluqları səliqəyə salır, yerə tökülən vərəqləri yığır) …Ay əmi, min kərə demişəm… Ağını arvad deyər, kişi yox…
Xədicə: (ağlaya-ağlaya ağı deyir) Dağda çiskin olurmu?..
Duman çiskin olurmu?..
Ağlar gözüm çox ağla…
Bundan pis gün olurmu?..
Qoca: (ehtiyatla ona qoşulur) Dəyirmanın püskünə,
Çaxmağına püskünə,
Özün öldün qurtardun,
Məni qoydun pis günə…
Xədicə: Bura bax, ay… Sənə deyirdim, gəl bu tozlu qovluqları ataq, onların əvəzinə evə bir bufet alıb qoyaq, hə?.. (şillələyir)
Qoca şillədən dik atılıb titrəyir, əlləri ilə üzünü növbəti şillədən qoruyur.
Qoca: (məlahətli səslə) …Deyirdin-deyirdin…
Xədicə: Deyirdim ki, onların tozundan burnumun içi giyişir, sinəm tutulur, əlirgiyəm qalxır… hər tərəfim od tutub yanır?.. (hər yerini qaşıyır) …Deyirdim, demirdim?..
Qoca: Deyirdin - deyirdin…
Xədicə: Bə nə oldu?.. Niyə elə elədin?.. Nakam getdim bu dünyadan… Bir bufet də alıb qoymadın evə…
Qoca: (qorxu içində) …Bəs televizor?.. Sənə almadımmı?.. Bakıda birinci televizor aldım səninçün! KVN! Linzayla!..
Xədicə: Ay səni televizor öldürsün!.. Heç qoyurdun ki, baxım?.. Qovurdun məni otaqdan – deyirdin, mən asqıranda o andır əyilirdi, ha?..
Qoca: (zarafata çevirmək istəyir) …Hə də… məcazi mənada…
Xədicə: Məcaz nədi?.. O qovluqların tozundan məni asqıraq tutanda, itələyib mətbəxə salırdın!.. İt kimi qapının kandarında saxlayırdın!..
Qoca: (qorxu içində) …Mən… mən…
Xədicə: Kiri!.. (tamaşaçılara) …Məcbur olub… (ağlamsınır) …dözürdüm… Çünki… səni adam bilirdim… Göz gördü, könül sevdi… Gecələrsə… (Qocaya) …yuxuda kiminləsə mazaqlaşanda… pencəyinin ciblərindən bahalı sırğalar, üzüklər… tapırdım… Onları kiminçün aldığını da bilirdim… Şəkillərini də ciblərində gəzdirirdin axı, ay vicdansız, bimürvət şorgöz!.. Mən… (tamaşaçılara, qəribə, gözlənilməz məlahətli bir səslə) …qaşlarıma, əllərimə xına qoyurdum, üzümə qatıq çəkirdim, qırmızı laləli paltarımı giyirdim… uşaqları da çimdirib, bəzənib-düzənib səni gözləyirdim… Sənsə evə girən kimi üzünü turşudurdun… (Qocaya) …Göstər indi… göstər necə turşudurdun üzünü!..
Qoca: (tərəddüdlə başını bulayır) Bacarmaram…
Xədicə: (yumruğunu qaldırır) Göstər, deyirəm!..
Qoca: (qorxa-qorxa üzünü turşudur, yazıq-yazıq) …Fu…u…
Xədicə: Denən nə deyirdin!.. Söznən de…
Qoca: (kövrək səslə) …Nə deyirdim axı?..
Xədicə: (hədələyir) Özünü axmaqlığa vurma, de nə deyirdin!..
Qoca: (qorxa-qorxa, incə səslə) Püff... deyirdim - yenə motal iyi gəlir... – deyirdim - yenə qatıq yaxmısan başuva?.. – deyirdim...
Xədicə: Hə, sonra nə deyirdin?..
Qoca: (qorxa-qorxa kəkələyir) Nə… deyirdim?..
Xədicə: Yadından çıxıb?.. (Qocanı yamsılayır əmrlə) «Bura gəl, ay motal!..» - deyirdin, «Mənə çay gətir, motal!..» deyirdin… Mənsə sənə… (ağlamağı tutur) …həmişə balam kimi qulluq eləmişəm… (Qocaya) …Səni öz əllərimlə çimdirirdim, ay vicdansız… (tamaşaçılara) O vaxtlar mən… bu cür deyildim ki?!. Güclü idim… iri idim… (Qocaya) Səni qətvəyə büküb qucağıma alırdım ki, birdən, Allah eləməmiş, canına soyuq dəyər… Saçlarını tozsoranla qurudurdum ki, balışın nəmlənər…
Qoca: (tamaşaçılara, bayaqkı kimi yazıq-yazıq) O vaxtlar fen yox idi…
Xədicə: Sənsə… sənsə həmişə məni otağından qovurdun… (Qoca kimi, kəskin) «Yeri, get işinə!..» deyirdin… (Qocanın üstünə yeriyir) …Cəllad!.. Əziz, sevimli, qaniçən cəllad!.. (Qocanı döyməyə başlayır. Sonra əyilir, onu qucağına alıb qaldırmaq istəyir).
Qoca: (əmrlə) …Yox-yox!.. Olmaz!.. Olmaz!.. Qoy yerinə!.. (Xədicə ona məhəl qoymur) Yerinə qoy, deyirəm sənə!.. Yığışdır özünü!.. (əsəbi amiranəliklə) …Yeri, get işinə!.. (Xədicə yerində donur) Avam arvad! Heç nəyin yerini bilmirsən! Yerini bil!.. (özündən bədgüman tərzdə) Məni beləcə bilirsən kim apara bilər?.. (Xədicə başını bulayır) Yalnız Əzrayıl!.. Əzrayılı tanıyırsan?..
Xədicə: (Qocadan aralanır, əllərini, tozunu silən kimi bir-birinə çırpır). Yo-ox…
Qoca: Tanımırsan?.. Bəs sən… ikicə il bundan əvvəl, burda, bax bu çarpayıda can verəndə… xırıldaya-xırıldaya (yamsılayır) …«qorxuram… yaman qorxuram…» – deyib inildəyə-inildəyə hamını köməyə çağıranda… O dünyadan dalınca kim gəlmişdi?..
Xədicə: (fikrə gedir) …Kim gəlmişdi?..
Qoca: Bir yadına sal də… Bu da səninçün siçovul tutub başını yumruğunla əzmək döyül a… (hövsələsi daralır) …Yadına sal kim gəlmişdi!..
Xədicə: (bir qədər də fikirləşir, sevinclə) Dədəm Qorqud!..
Qoca: (gülür) Ay bədbəxt… (gülməkdən uğunub gedir) Dədən döyüldü ey o…
Xədicə: Bə kim idi?..
Qoca: Can verəndə adamın dalınca kim gəlir? O!
Xədicə: (donuq üzlə Qocaya baxır) O – yəni kim?..
Qoca: (tamaşaçılara) Görürsüz də günümü… Bir adam ki… (əsəbi-əsəbi gülür, sonra ağlamağı tutur) Əzrayılla dədəsini ayıra bilməyə… (Xədicəyə) Əzrayıl!..
Xədicə: Yox, əşşi?!. Deyirəm axı, dədəmə oxşayırdı… (gülməyə başlayır, gülə-gülə də otaqdan çıxır).
Qoca: (onun ardınca) …Yeri… yeri, get işinə… tarla gözəli!..
Yazıçı: (əlində qovluq daxil olur) Yazıq Xədicə xala… (Qocaya) …Statistikaya görə qadınlar ərlərindən çox yaşayır… Burda da orijinalsız… istisnasız…
Qoca: Hə, gəl indi bunu da araşdır!.. Pa atonnan!.. Bu adamın əlindən mafar yoxdu də… Ölürsən, ölməyə də qoymur… (özündən gedir, sayıqlayır) …Yenə bayram!.. Yenə şənlik!.. Gəl-gəl əziz bayramım, bir də öpüşək!.. Həyat gözəldi!.. Gör bir nə qədər cücü var?!. Rənbərəng gözəl cücülər… Əflatun gör necə də dayısı Ərəstuna oxşayır!..
Qohum: (burun yaylığını gözlərinə sıxır) …Məni daha tanımır… Ağzıəyrini boynunun ardından tanıyan Bağır daha məni tanı–mır!.. (ağı deyir) …Bu-u mə-ənəm… sənin tək ta-na ə-moğlun-n…
Qoca: (sayıqlayır) …Bəs bu?.. Bu yox, məhz bu... ağappaq… (qolundakı olmayan saata baxır) … Ay aman!.. qatara gecikirəm… cəmi üç dəqiqə dayanır… birdən qapı açılmadı?!.. Neynim?.. Olmaz axı?!. Bu yekəlikdə də çarpayı olar?.. Əslində olar, amma olmamalıdır… (qəfildən sıçrayıb ayağa qalxır) Düzlən!.. Farağat!.. Addımla marş!..
Parad marşı eşidilir. Qoca yatağın içində addımlayır. Tribunadakı kimi parad qəbul edir. Şüar səsləri eşidilir… «Yaşasın…», izdiham səsləri… Akkordeonla Qafar görünür. Gəlib çarpayıya qalxır, akkordeonu çalır, Qocanın qulağına nə isə pıçıldayır, çala-çala qoltuğundan hansısa sənədləri çıxarır. Qoca parad qəbul edə-edə bir gözüylə sənədləri oxuyur, oxuduqca dəhşətdən gözləri bərəlir, üzü əyilir, parada yellənən əli, cərəyan vurmuş kimi əsir… Qafar pencəyinin o biri qoltuğunda gətirdiyi tapançanı çıxarır, onu gizlicə Qocaya ötürür, gedir… Qoca bir əli parada yellənə-yellənə, o biri əli tapançanın tilsiminə üşür… Tapança aramla gah parada, gah tamaşaçılara, gah da Yazıçıya tuşlanır… sonra aramla Qocanın üzünə tuşlanır… Qoca bağırır… Tapança açılır… Qoca üzünü tutur… Tapança əlindən yerə düşür… Burnundan qan gəlir… Mərhum Məmur tapançanı qaldırıb səriştəli ehtiyatla dəsmala bükür.
Səidə: (təlaşda içini çəkir) …Qan!.. Burnundan qan gəldi!.. Bu… bu… O, ölür!.. Mən… həkim!.. həkim!..
Qohum: (Qocanı ehtiyatla yerinə uzadır, müəllim təbiri ilə) …Can çəkişməsidi bala… Buna bizim tərəflərdə «axır əlamət» deyirlər… Həkim-zad lazım döyül... (tamaşaçılara) Gedim, dəstəmazımı alım… (otaqdan çıxır)
Qoca: (sayıqlayır) …Dəyməyin… dəyməyin… heç kəsə izn vermərəm!.. Heç kəsə!.. (vahimə içində ayılır) …Sus!..
Otaqda mərhumlar peyda olur, Qoca onları görüb dikəlir, əda ilə ayağa qalxır… Mərhumlar çarpayının yanındakı stulu çarpayının üstünə qoyurlar. Qoca qalxıb stula əyləşir. Əllərini qoltuğuna qoyub fikrə dalır. Mərhumlar yerə səpilmiş kağız quşları bir-birinə atırlar. Xədicə xala qucağına qonan «quşun» birini açıb oxuyur. Məmur Qocaya yaxınlaşıb əl çantasından çıxardığı qadın çəkməsinin tayını ona uzadır.Qoca Məmurun ona verdiyi köhnə, bağlı çəkmə tayını əvvəl bağrına basır, sonra ayağına geyməyə çalışır.
Qoca: (vahimə içində, təlaşla) Yox-yox!.. Bu, mənim çəkməmdi. Dəqiq mənimkidi.
Məmur bir müddət qəzəblə Qocanın çəkmə ilə əlləşməsini müşahidə edir, sonra hakim təbiri ilə əl çantasından çəkib çıxardığı hökmü oxuyur.
Məmur: «Salmanova Müşkiyyə Paşa qızı. 1912-ci il. Varlığıyla partiya ideyalarına antitəbliğat ovqatı yaratmaqda günahlandırılır…»
Qoca: (duruxur, yazıq-yazıq) Bu… bu, mənim çəkməm deyil… Baxın bir… ayağıma da olmur…
Qafar Qocaya yaxınlaşı, üzrxahlıqla onun qollarını qandallamaqla məşğul olur.
Qoca: Mən yox… Siz səhv edirsiz… Nəyisə qarışıq salırsız… Bu, mənim çəkməm deyil… ayağıma da girmir… Yoxlaya bilərsiz…
Yazıçı Qocanın üstünə şığıyır, əllərini boğazına keçirib onu boğur.
Yazıçı: De…
Qoca: (boğula-boğula) …Nəyi?.. Nəyi… deyim?!.
Yazıçı: (nəfəsi təngiyir) …Bütün bunlar nə deməkdi?!. O 463 nəyin, haranın nömrəsidi?..
Qoca: (boğula-boğula) …Adi rə-rə-qəmlər…
Yazıçı: (boğula-boğula) Bu çəkmə… Əlindəki çəkməni deyirəm – kimindir?..
Məmur iri, ağır addımlarla yeriyib qocanın çarpayısı qarşısında durur, əlindəki kağızı bürmələyib o biri əlinə vura-vura.
Məmur: (amiranə) …Hə… Bağır Cəfəriç… belə-belə işlər… Hamımızın axırı budu… Yorğan-döşək… xəstəlik… Bu mərhələdən hamı keçir… Amma necə keçir… (pauza)
Qoca: (qorxu içində) …Necə keçir?..
Məmur: (narazı) …Siz… yaman çox sayıqlayırsız… Artıq sözlər deyirsiz…
Qoca həyəcan içində ayağa qalxır, Məmurun qarşısında farağat vəziyyətini alır.
Qoca: (qızdırmalı kimi astadan) …Mən sayıqlamıram!.. Sayıqlasam belə, sayıqlığımı itirmirəm!.. Mən… Mən andıma sadiqəm, yoldaş Yoldaşov!.. (qəfildən dizi üstə düşür, səmimi kövrəkliklə) …Mən sizi sevirəm, yoldaş Yoldaşov… Sizə… sizə şer də ithaf eləmişəm, yoxlaya bilərsiniz… (yerdən üç qovluq götürüb dizin-dizin yeriyərək onun qarşısına qoyur)
Məmur: (Napoleonsayağı ayağını qovluqların üstünə qoyur) Bu, sizin şeriniz deyil, Bağır Cəfəriç!.. Bunu mənə sizin, o «sevimli», «görkəmli», «əzəmətli» şairiniz yazıb… (tamaşaçılara, acı rişxəndlə) …canını qaranlıq, havasız zindanlardan, dırnaqları səliqə ilə kökündən qoparan soyuq kəlbətinlərdən, insanı titrədib göbək atdıran elektrik cərəyanlarından qurtarmaqdan ötrü…
Qoca: (ayağa sıçrayır, farağat vəziyyətində) Ədəbiyyat – ikiüzlülükdür, yoldaş Yoldaşov!.. Bu, bizim firqənin illərlə sınaqdan çıxardığı əbədi, dəyişməz şüarıdır!.. Bizim borcumuz bu simasız cızmaqraçıların axırına çıxmaq, ikiüzlülüyün kökünü bu səadət bağçasından kəsmək, əxlaqsızları, intelegent donuna girmiş bu saxtakarları ifşa etməkdir!..
Məmur: (qanıqara) Sənin bu şer yazmağın da heç heç xoşuma gəlmir… Olmaya… sən də…
Qoca: (Qoca onu eşitmirmiş kimi əlaçı şagird təbiri ilə səsi gəldikcə ucadan)
Odur bütün dünyada ən müqəddəs, ən əziz!
Sülhün, haqqın günəştək sönməyən məşəlidir!..
Ən çətin döyüşlərdə bütün zəfərlərimiz
Yalnız onun zəkası, işıqlı əməlidir!..
Məmur əlləri arxasında, fikir içində otaq boyu gəzişir. Səidə daxil olur, qovluqların hansındansa yerə düşən kağızı qaldıraraq ucadan oxuyur.
Səidə: Əcəb ağ gündədir mənim vətənim!
Dünyaya yayılıb şanım-şöhrətim!
Gəl doyunca ağ üzündən dişləyim… (döyükür, ardını
utandığından astadan oxuyur)
Bu gecə… bizim gecə… sevirəm səni…
(ayrı vərəqi götürür, oxuyur) …Kimdə vardır gözəlim, səndə olan şux… (sonrasını ürəyində oxuyur)
Hərə yerdən tapdığı kağızı oxuyur. Mətnlər bir-ğirinə qarışır. Məmur ayağa qalxıb hökmün ardını oxuyur. Hamı susub hökmü dinləyir.
Məmur: «Azərbaycan Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinin 346-prim, 643 bəndinin «A» bölməsinin 4-cü, 634 bəndinin «F» bölməsinin 6-cı, 463-cü bəndinin «A» bölməsinin 3-cü və həmin bəndin «Q» bölməsinin 1-ci paraqrafında göstərilən əsaslarla Salmanova Müşkiyyə Paşa qızı…»
Qafar peyda olur əlində tüfəng nizamlı əsgər addımları ilə Qocaya yaxınlaşıb üzbəüz dayanır. Qoca ayağa qalxır, əliqanddalı halda Qafarın qabağına düşüb otaqdan çıxır.
Yazıçı: (otağın ortasında dizi üstə yerə çökür, dua oxuyan kimi)
Qərib olmasaydım bu dünyada…
bir də qələm almazdım əlimə…
Qəmli olmasaydım…
bir də qələm almazdım əlimə…
Bir də qələm almasaydım əlimə,
qəmli qərib olmazdım…
Musiqi. Yazıçı əlindəki qələmi müqəddəs tutiya kimi ucaya qaldıraraq şerin ardını ona deyir.
Atam qələm!.. Anam qələm!..
Ulduzları göydə saxlayan sirr kimi
Səndə möhtəşəm bir sirr var…
Yazıçı şerini oxuduqca ətraf tədricən qaranlığa və səssizliyə bürünür. Otaqdakılar bir-bir qeybə çəkilir. Yazıçı son misranı söyləyib yan-yörəsinə baxır. Heç kimi görməyib yorğun halda ayağa qalxır. Tamaşaçılara nə isə demək istəyirsə də, fikrindən vaz keçir. Qovluqların arasından bloknotunu tapıb səhifələrini vərəqləyə-vərəqləyə otaqdan çıxır…
…Dəhlizdən əcayib telefon musiqisinin səsi eşidilir, getdikcə azalır və itir.
Birinci hissənin sonu
II Hissə
Həmin otaq. Amma nəyinsə dəyişdiyi hiss olunur. Çöldən külək uğultusunun səsi eşidilir. Çarpayıda Qoca inildəyir, çarpayının yanında stulda əyləşmiş Qohum qolları qoltuğunda dəhlizə diqqət kəsilib. Yarıqaranlıq dəhlizdən mobil telefonun əcayib musiqisi eşidilir. Qohum bu işarəyə bənd kimi öskürməyə başlayır. Yazıçı əvvəl dəhlizdə, sonra otaqda görünür, yenə otağın içi ilə barmaqlarının ucunda yeriyir, əlini, püşk çıxaran tək, qovluqlardan birinə atır, açır. Qovluqdan balış tükü fəvvarə vurur.
Yazıçı: (diksinir, qovluğu, əlini yandıran kimi yerə atır) …Uy bisimillah!..
Qohum məkrli qəhqəhəylə gülür
Qoca: (Qohumun təbiri ilə astadan sayıqlayır) …Bisimillahir-rəhmani-rəhim, əlhəmdülürillah rəbbül aləmin… Ərrəhmanir rəhim maliki yomiddin… İyakə nəəbudu və iyakə nəstəin… İhdinəs siratəl ləzinə əl əmtə əleyhim vəlazalin siratəl müstəğim və siratəl ləzin…
Yazıçı: (yerə düşmüş açıq qovluqdan tapdığı vərəqi vahimə içində oxuyur) «…hər şeyi kağıza köçürə bilmək – böyük səadətdir… Bütün gördüklərini… eşitdiklərini… hər günün mənzərəsini yaza bilmək… böyük bacarıq və səbr tələb edir…
Qoca: (Qohumun təbiri ilə sayıqlayır) …Nə yaxşı gəldin… a bala... Halı bayaqdan çönüb… Həcər bibimiz də can üstə olanda… yadındadı ta axıratan özünü necə apardı?.. (Yazıçı diksinib əvvəl Qocaya, sonra Qohuma baxır) …Kişi kimi… mətanətlə… Amma, nə fayda?.. Bax… Əzrayıl ki… gəlib başının üstünü aldı…
Qohum: (bilmək olmur, Yazıçıya, yoxsa Qocaya deyir) Ay Əzrayıl-Əzrayıl!.. Səndən xilas yoxdu ki, yoxdu… Harda olsa, gəlib tapacaqsan ovunu!..
Qoca: …arvad başladı uşaq kimi yalvarmağa, elə hey: «möhlət ver…» «möhlət ver…» deməyə… (Yazıçı qovluqları bir-bir sınayıcı baxışlarla gözdən keçirir, nə isə çıxarıb oxuyur) …Deyən gərək, ay arvad, yüzə yaxın yaşamısan, yenə möhlət istəyirsən?.. Arada elə bil özü də utandı… elə utana-utana da, gəlin kimi köçdü… Bizlərin ölməklə aramız yoxdu… Nəslimiz belədi…
Yazıçı: (oxuyur) «…Bax, indi qarşımdakı mürəbbənin üstüylə qəşəng bir milçək dolanır... O da mürəbbə istəyir… Anlayıram… O dəqiqə mürəbbəli qaşığı astaca ona sarı itələyirəm… «Ye, əzizim»… – deyirəm… Bu milçəyi… mən heç vaxt… (pauza) …öldürə bilməyəcəyəm... Buna haqqım çatmaz…» (susub nifrətlə Qocaya baxır) …Bəs o 37-də dırnağı çıxarılanlara, kəllə sümükləri aramsız damcılarla deşilənlərə haqqınız çatırdı?..
Qohum: (bu sualı gözləyirmiş kimi Qocanın təbiri ilə astadan) Onlar həqiqətən ölməli köpək uşağı idi… Bax, bir özün fikirləş. Bir şair ki… (o yan-bu yana baxır) …bir şair ki, yüksək hisslərdən, dünyanın özündən də böyük mətləblərdən yazan böyük bir dahi, filosof-şair, «xox!» eliyən kimi mücül olub qorxaq dovşana çevrilə… (yaltaq səslə kimisə yamsılayır) «…Mən yox… Mən yox… O…» – deyə, əl-ayağı əsə-əsə: «…Sizə yazıb bildirirəm ki, mən – filankəsov filankəs bu sətirləri yazarkən heç də partiyama, onun, səadət dolu işıqlı gələcəyinə yönələn böyük, humanist ideyalarına xələl yetirmək fikrində olmamışam…» …yaza, bunun harası yazıqdı?..
Qoca: (ağzında dua oxuyur) …Əuzubil-ləhi min-aş şeytanı-irrəcim… Bismillahir rəhmanir rəhim… Əlhəmdülillah rəbbül aləmin… (duanın ardını oxuyur)
Qohum: …Balam biz görmüşük, şairi dar ağacına çəkərlər… Bax, məsələn, götürək elə Nəsimini… Dərisini diri-diri soydular… O da (çarmıxa çəkilmiş pozanı alır) qan gözünü tuta-tuta: (pafosla) …«Ən-əl-həqq!..» – dedi… Bax bu, ayrı məsələ…
Qoca: (sayıqlayır) …İşiniz olmasın!.. Qoy soysunlar… Dəyməyin ona… yazıqdı… Heç olmasa… qoy o təmiz soyulsun… Gələcək nəsillər üçün…
Yazıçı yazı stolunun arxasına keçib eynəyini taxır
Qohum: …Bilirsən bala, dərinə gedəndə, Nəsimi də düz demir… Buna deyən gərək, balam, həqq sənsənsə, di onda bə o birilər, o peyğəmbərlər kim idi?.. O dini kitablar nə idi?.. Bax bu şair-yazıçı tayfasından həmin o Allahlıq iddiasına görə həmişə zəhləm gedib də! Başdan-başa uydurmadılar…
Yazıçı: (qovluqdan çıxardığı vərəqləri, pul banknotları kimi bir-bir işığa tutub baxır) Nə uydurma, a kişi?!.
Qohum: (əsəbi) Bəli, uydurma!.. Hamınız uydurursuz! Elə o da… İmaməddini deyirəm… o da uydururdu!.. (acı istehza ilə) «…Mənə sığar iki cahan!..» …Pa atonnan!.. …A balam, hansı cahan?.. (tamaşaçılara) Hansını deyir ə, bu?.. Bəyəm bu dünya elə iki cahandan ibarətdimi?!. Bax biz…
Yazıçı: Siz, yəni kim?.. (bloknotunu açır, yazmağa hazırlaşır)
Qohum: (çaşır) Yəni… (qəfildən bədgüman) belə hökumət adamlarını deyirəm… Dövlətin təmsilçilərini nəzərdə tuturam… Heç vaxt öz cızıqlarından çıxmırlar. Sizin kimi Allahlıq iddiasına düşmürülər. Nefti də axtaranda, bilirlər harda axtarsınlar… Əvvəl o yerin xəritəsini cızdırıb quyunu dəqiq müəyyənləşdirirlər... Sonra o yeri yavaş-yavaş oyurlar…
Qoca: (sayıqlayır) …Allaha yalvar… Denən keç, günahımdan… neyləmişəmsə, qanmazlığımdan eləmişəm… Tövbə elə… (qışqırır) …Denən tövbə!..
Qohum danışa-danışa ayağa qalxıb guya Qocanın yorğanını düzəldir, əslində isə dodaqlarını, açarı buran kimi burub, ağzını «qıfıllayır».
Qohum: …Yaxud elektrik şalbanının üstünə yazıb yapışdırırlar: «Çıxma, öldürər!» Kim ki, bunu qulaqardına vurur, dəli kimi şalbana dırmaşır, o dəqiqə də onu cərəyan vurur, o da kəlləsi üstə yerə yıxılıb ölür!..
Qoca: (sayıqlayır) …Can… can… can… canım… ay canım… ay mənim gözəlim, canım, gözüm…
Qohum: Sizsə… Belə olmaz axı?!. Ağına-bozuna baxmadan elə dırmaşırsız, dırmaşırsız… A balam, hara dırmaşırsız?!. İş bərkə düşəndə isə… (qəzəblə) min cilidə girirsiz!..
Yazıçı: Hansı cildə?.. Şəxsən mən – elə buyam!
Qohum: Hələ yaxşı yetişməmisən, ona görə… Ədəbiyyatın… o necə deyirdin onu?.. (xüsusi vurğuyla) Bədii sözün!.. əsil tamını yaxşı-yaxşı çəkməmisən ciyərlərinə, ona görə!..
Yazıçı: (qeyzlənir) Bura bax, qohum, mən bilmirəm sən… (özünü saxlayır) nə peşənin sahibisən... amma (barmağıyla hədələyir) …Ədəbiyyatla işin olmasın!.. O… sən girən kol deyil!..
Qoca: (Yazıçını indi görürmüş kimi, vahimə içində içini çəkir, sayıqlayır) …Ona bir bax… əlindəki tapançanı görürsən?.. İndi tətiyi basacaq… Qoyma!.. Tut onu!.. O… əli deyil… tapançadı!.. (ağlayır) …Məni… o, məni öldürməyə gəlib… Çəkmə tətiyi… Dayan, qıyma…
Qohum və Yazıçı Qocanın bu sözlərindən diksinirlər. Hər ikisi ona, bir-birinə və Yazıçının tapança lüləsi kimi hələ də havada saxladığı əlinə baxırlar. Yazıçı tapançasını gizlədən kimi, əllərini arxasında gizləyir.
Qohum: (qorxu içində oturduğu stulun arxasına keçib çöməlir, ordan) ...Sənin o… hörmətli… görkəmli… el ağsaqqalın var e… O neçə-neçə… (xüsusi vurğuyla) «əbədi əsərlərin» müəllifi… (ayağa qalxır, şəstlə keçib yerinə əyləşir, ayaqlarını bir-birinin üstünə aşırır) …dövlət maşınını arvadından çox istiyir… Prezidenti görəndə… (kinayə ilə gülür, ayağa durub ayaqlarını cütləyir, dırnaqları üstə qalxıb balerinasayağı yana əyilir) …onun nazlı, qəmzəli məşuqəsinə çönür… (yamsılayır, incə səslə) «…Bilirsi-iz, cənab prezident… Doğru buyurursuz, zati-aliləri!..» (dabanları üstə düşür) …Tfu!..
Qoca: (sayıqlayır) …Döz bir az… qurbanın olum… Yazıqsan a bala… Özünü darıxdırma… Bax, Xasay əmoğlumuz yadındadı?.. O da… can verəndə elə hey tüpürürdü… Tüpürməkdən ağzı qupquru qurumuşdu… Dili… susuz torpaq kimi… cadar-cadar olmuşdu…
Yazıçı: Mənim dövlət maşınım yoxdur… prezidentlə də görüşmürəm… (tamaşaçılara ovsunda) Amma bax, prezidentin yaxınına… (ayağa qalxıb təsvir edir) …nəfəsi, qoxusu duyulan ən yaxın məsafələrdə dayanmağa can atan ədiblərimiz var a, ondan… vəzifədən, deputatlıqdan, şan-şöhrətdən və sairələrdən də əlavə… (qorxunc sirri açan təki) …elə bil daha nə isə də istəyirlər!..
Qoca: (sayıqlayır) …Sevgi istəyirlər!.. Sevgi!.. Dövlət sevgisi!.. Güc sevgisi!..
Qohum: (Qocaya məhəl qoymadan, Yazıçıya) Bax, deyəndə sənə ki, siz – şair-yazıçı tayfası ikiüzlüsüz, acığına gəlir… Balam, ikiüzlüsüz də… Bax, Bi-Bi-Si-yə müsahibəndə deyirsən ki: (qovluqlardan birini açır, içindən oxuyur) …«…Mən heç vaxt məşhur olmaq istəməmişəm… (onu şairanə səslə yamsılayır) «…Küçələrdə rahat yerimək – ən böyük azadlıqdır… Məşhur olmaqsa azadlığını öz xoşunla əlindən verməkdi…», bu yandan da özün hər yeri şəkillərinlə doldurursan... İndi biz nə başa düşək, hə?..
Yazıçı: (çaşqın, qovluğu Qohumdan almaq istəyir) …Siz… bu… hansı qovluqdu?!..
Qohum: (qovluğu arxasında gizləyir) Yox, de balam da, indi biz sənin hansı sözünə inanaq, hə?.. Hələ ortada bir dənə Nobel var, sən bu boyda hoqqalar çıxarırsan, gör indi Allah eləməmiş, əcdadların kimi qaranlıq zindanlara düşsəydin, nələr edərdin?!.
Yazıçı: (gözlənilməz ciddi) …Nələr edərdim?.. (qovluğu Qohumun əlindən alır)
İçəri Səidə daxil olur.
Səidə: (çaşqın təbəssümlə) Gələn yoxdu…
Qohum: (Səidəyə işarə edir, astadan) …Bax, birinci… elə bu sadiq uşaqlıq dostunu satardın!.. Özü də keçi qiymətinə!..
Səidə: (pərt) …Həyətdə yenə hüzür düşüb… Bu son iki ayda dördüncü ölüdü…
Qoca: (sayıqlayır, şövqlə) …Kimdi ölən?.. Hə?!. Ölən kimdi?.. Niyə susursuz?!. İndi kim öldü?.. Deyin mənə!.. Tez olun, deyin!.. Bu dəfə ölən kimdi, hə?..
Səidə: (Qocaya) …Sənin qulaq dostun… (Qoca elə ağlayır, bilmək olmur gülür, yoxsa ağlayır) Talıb müəllim… səkkizinci mərtəbədən… Srağa günün axşamı elə oturduğu yerdə keçinib…
Ətraf dəyişir. Hardansa qaranlıqdan «qovluq var, qovluq…», «təzə qovluqlar…» səsləri eşidilir. Qohum dəhşət içində Qocadan yapışır. Dəhlizdən «işıq borcunuz var a, bacı, kəsirik!» və Xədicənin: «…əşşi kəsirsən-kəs də… tay cana yığıldıq əlinizdən…» sözləri eşidilir. Otaq qaranlığa qərq olur. Danışanların yalnız səsi eşidilir.
Yazıçı: Səidə… hardasan?.. Şamınız var?..
Səidə: Deyəsən…
Qoca: (sayıqlayır) …İşığa həsrətdir işlər, əməllər…
Qohum: (pıçıltıyla) …Bağrım çatladı… Ay qız ,Səidə, hardasan?..
Yazıçı: Səidə…
Qoca: (sayıqlayır) …Səidə… Səidə… Səidə…
Səidə: Hə!!!
Yazıçı: Hələ burdasan?.. Şamları gətir də…
Səidə: Dayanın da bir… Gözüm ayağımın altını görmür axı… (uzaqlaşan ayaq səsləri…)
Qaranlıq sakitlikdə üç nəfərin ağır nəfəsi, müəmmalı ah-ufları eşidilir…
Yazıçı: Mistikadı… Xalis mistika… (əl fənərini yandırıb casus kimi otaq boyu gəzir)
Qoca: (əlini Qohumun dizinə qoyub ciddi, kədərli səslə) …ancaq qaranlıqda görüşürük… neyləyək ayrıca şəhərimiz yox… bəlkə də biz xoşbəxt ola bilərdik… bəlkə də xoşbəxtik… xəbərimiz yox… Gəl, qorxma… burda bizdən başqa heç kim yoxdur…
Qohum: (əsəbi) …Əlini çək!.. Çək deyirəm!.. Zimbat oğlu, zimbat…
Yazıçı Qocaya yaxınlaşıb fənəri üzünə tutur. Hər üçü dəhşət içində bağırır. Dəhlizdən işıq ucu görünür. Səidə əlində şamdan otağa girir. Birdən o da bağırır... Səidənin önündə ağ xalatlı, ağ papaqlı həkim dayanıb. Hamı bir də bağırır. Sanki bu qışqırıqlardan işıq yanır. Hamı təəccüb içində bir-birinə baxır.
Səidə: (təlaş içində) …Siz kimsiz?.. Bura hardan girdiz?..
Həkim cavab vermir, baş barmağını çeynəyir.
Qoca: (qəfildən yerinin içində dikəlib ayıq) …Ölən mən deyiləm… Mən (Qohumu göstərir) onun əmoğlusuyam… Budu burdayam, baxın… sapbasağlamam… İstəyirsiz lap lezginka oynayım...
Ağzında «Lezginka» rəqs havasını oxuya-oxuya uzanan yerdə rəqs edir. Qohum da hövlanak ayağa qalxıb «Ləzgi» rəqsini oynayır, Yazıçı da, üzündəki dəli ifadəsi ilə rəqsə qoşulur.
Həkim: (rəqsə məhəl qoymadan görünməyən kiməsə astadan) …Məlumatı həmən göndərmişdim… Demişdim axı, səkkizinci yox, ikinci mərtəbə…
Səs: …Məlumat yenə səhv gedib…
Həkim: (əsəbi) …Kim baxır bu işlərə, anlaya bilmirəm… İndi mən neyləyim?.. (sükut, telefon qudokunun səsləri)
Qohum: (Həkimi yanlayır) …Siz heç dördüncü mərtəbədə olmusuz?.. Orda bir qarı… balaca bir qarı can üstədi…
Səidə: (çaşqın halda gah Qohuma, gah həkimə baxır) …Siz…
Həkim: (heç kəsi eşitmir, əlini Qocanın göbəyinə qoyur, əli cərəyan vurmuş kimi, əsməyə başlayır astadan kiməsə) …Qəribədi… Ötən dəfə də canı on beş qranomil idi… Həmən ölçüdə də qalıb… Bu, görünməyən işdi… Əslində o, artıq çoxdan…
Səs: …Biz ötən dəfə elə də məlumat vermişdik… Bu, bizim səlahiyyətimizdə deyil. İşinizi görün…
Qoca: (Həkimə) Doxdur, dünən onun… (Qohumu göstərir) …burnundan qan açıldı… Bizlərdə buna «axır əlamət» deyirlər…
Qohum: (həkimə astadan) Bu, işarədi… Siz bunu arayışınızda mütləq qeyd eləyin…
Səidə: (həkimə) …Bağışlayın… Siz… ötən dəfə gələn deyilsiz elə bil… Hə?.. Axı deyəsən ötən dəfə siz gəlməmişdiz?!. (Həkim cavab vermir, məşğuldur)
Qoca: (Səidəyə) …Gördün a bala, mən deyəni o da dedi… Deyir, «ölür…» Tay lap az qalıb… döz bir az… Görmürsən rəngi-rufu nə gündədi?!.
Səidə: …O dəfə də demişdilər… (nifrətlə Həkimə) …Amma onlar gedəndən sonra o, durub idman elədi…
Qohum Səidənin bu sözündən ayağa sıçrayıb qollarını başı üstə iri açaraq yüngül idman hərəkətləri edir. Hamı təəccüblə ona baxır.)
Səidə: Ay mama!. (qorxu içində geriyə çəkilir.)
Həkim: …İdman elədi?.. (fikirli) …Ölümqabağı belə hallar olur…
Yazıçı: (əlindəki qovluğu kənara atır, Həkimə) Nə ölümqabağı-ölümqabağı salmısız?!. Sizə deyirlər, o, idman elədi, sizsə elə (yamsılayır) «ölümqabağı!.. ölümqabağı!..» Camaatı ələ salmısız, nədi?.. Zəng eləyəndə, dəstəyi asırsız, gələndə də deyirsiz «ölür!..»
Səidə: (coşur) Hə də!.. Siz bizə düzünü deyəcəksiz, ya yox?!. Axı biz də insanıq.. yazığıq…
Həkim: (çaşqın) Əsəbiləşməyin, xanım. Bilirsiz… elə mətləblər var ki…
Səs: (Həkimin sözün kəsir, ciddi) …İşinizi görün…
Həkim: (səsi dəyişir) Bir az səbirli olun… Hər işi öz yoluna qoyan – səbrdir…
Səidə: Bəs biz nə edirik?!. Səbr eləməkdən, səbr kasasına dönmüşük… İndi neyləyək deyirsiz, kimi çağıraq?!.
Həkim: (sehrli səslə) Qorxun!.. Belə danışmaqdan qorxun!.. Burda – belə danışmaq olmaz!.. Axı bura…
Səs: (ciddi) İşinizi görün…
Həkim: (Səsə məhəl qoymadan) …Astanadı…
Yazıçı: (başını qaldırır, vahimə ilə) …Astana?..
Qoca: (başını qaldırır, vahimə ilə) …Astana?..
İşıq dəyişir… Əcayib səslər. Həkim qəribə sehrli hərəkətlər edə-edə, əcayib yerişlə qovluqlara sarı gedir, orda birini açır.
Həkim: (sehrli səslə oxuyur) «…Dünən Sədrəddin də dünyasını dəyişdi… Elə əziyyətlə getdi ki, yazıq… O dünyadakı qohumlarına əl eləyə-eləyə… (pauza) …niyəsə mənə də əl eləyirdi… Elə hey: «Bağırcan, a Bağır… Gəlirəm!.. Gözlə, qardaşım…» – deyirdi… Mən burda ola-ola o məni… (süni təəccüblə) …O tərəfdə – ölülərin arasında necə görə bilərdi?..» (müəllim təbiri ilə Səidəyə) …Görürsüz?!. Canüstü məqamlarda nələr baş verir?..
Yazıçı: (ovsunlanmış kimi Həkimə sarı gedir) …Bu… bunu hardan tapdız?.. (qovluğu Həkimdən alıb oxuyur) «…Həyətin uşaqları bağıra-bağıra oynayırlar… Mən də burdan sakitcə: Bağırın!.. Bağırın, mənim balalarım!.. – deyirəm… Mən ki, ölməmişəm… Mən sağam!.. Ölən öldü… Qalan mənəm!..» (Qocaya nifrətlə baxır) …Ölümdən necə də qorxurmuşsunuz…
Qoca: …Mənəm qorxaq?.. Qorxaq – sənin o dılğır yazıçı tayfandı!.. (əzilə-əzilə) Ayağını bir balaca basan kimi, bütün nəslini satmağa hazır olan simasız köpək uşağı!..
Yazıçı: Nə?.. Simasız?.. Mənə?.. (başmağını çıxarıb Qocaya atır. Qoca başmaq tayını yerdən götürüb Yazıçıya tolazlayır)
Səidə: (həkimə) …Görürsüz bir?.. Görməli günlərimiz qabaqdaymış…
Həkim: (fikirli) …Bu, can çəkişməsidi… Adətən bu, ölümqabağı olur… İnsanın gözünə nələrsə, kimlərsə görünür… İnsan ağır qalüsinassiya hallarını keçirir… Bir el deyimi də var, eşitməmiş olmazsız… Deyir: xəstə ki, başladı başmaq atmağa – apar qaytar…
Qohum ayağa qalxıb Qocaya yaxınlaşır, cibindən güzgü parçasını çıxarıb Qocanın ağzına tutur.
Səidə: (güzgünü Qohumun əlindən alıb əsəbi-əsəbi yerə çırpır, Qocanı yatağına uzadır) …Sən də bu güzgünlə lap çərlətdin bizi…
Həkim: (əli inildəyən Qocanın nəbzində fikirli, yenə kiməsə astadan) …Bu, nə iləsə əlaqədardır… Onun əvəzinə o biri bloklardan ayrılarını aparırlar… Binada daha xəstə qalmayıb…
Səs: (işgüzar) Məlumat hər dəfə belə gedir. Bu, bizlik deyil. İşinizi görün…
Qohum: (güzgünü gizlədir, canfəşanlıqla həkimə) …Qalıb-qalıb… Dördüncü mərtəbədə bir qarı can üstədi… ba-ap-balaca bir qarı… Belə yüngül, balaca, çəkisiz…
Həkim: (Qohuma məhəl qoymadan, Qocaya) Az qalıb… bir qədər dözün… Sonra elə yaxşı olacaq ki…
Səs: (işgüzar) Ölür…
Qoca: (həyəcan içində, ayıq) Kim?.. Mən!?.
Qohum: (lağla) …Yox, mən!.. (əlindəki güzgünü ona göstərir, məkrlə) Ay balam nəfəsivün istisi yoxdu də!.. İndi neyliyək, zornan nəfəs verək sənə?..
Qoca: Necə yoxdu?.. Bəs axı… Axı mən danışıram… yeyirəm… rəqs edirəm?!. (birdən üzü dəyişir, ikiəlli Qohumun yaxasından yapışıb qəzəblə) Yoxdu?.. Elə elə ki, olsun, it oğlu!.. Elə eləmə ki, yenə qoduxluğa basdırıb yal yedizdirim sənə!.. (Qohumu kənara itələyib tamaşaçılara, nikbin) …Bir də… mənim nəfəsimə nə gəlib?!. Budu ha… (çarpayısının içində bardaş qurub yoq üsulu ilə dərindən nəfəs alır) Bax, doxdur... (Nəfəs alır) Odu a!..
Səhnədə mərhum Qafar peyda olur, ehtiyatla Qocaya sarı yeriyir.
Qafar: (Qocaya yaltaq-yaltaq) …O sənə elə gəlir Cəfəriç… Bu, həmişə belə olur… Canın çıxanda, adama elə gəlir, cibindən nə isə düşdü… Qalxıb götürmək istəyirsən… bir də görürsən budu ha… sən harda, əl-ayağın harda…
Qoca: (vahimə içində sayıqlayır, əllərinə baxır, ayaqlarını tərpədir) …Əllərim də, ayaqlarım da budu burdadı…
Qafar: (sevincək) İndi tay ayaqların sənə lazım olmayacaq… Düz bir həftədi ki, heç nə yemirsən…
Qohum: (qürurla) Bir həftədi ki, boğazından su da keçmir…
Qoca: (şübhə ilə) …Su da keçmir?.. Di, sən öl?!.
Qafar: Bir damcı da!.. Bu… bu o deməkdi ki, artıq üzü bu yanasan…
Qoca: Üzü…
Qohum: (qəddar səslə) …Üzü o yana…
Qoca: (çaşqın) …O yana, yəni hara?..
Qafar: (nəvazişlə) …O yan, elə bu yandı… Bizim tərəflərdi…
Həkim: (sehrli səslə) …Əslində hər yan bir yöndədi…
Qoca: (qızdırmalı adamlar kimi nəfəsi təngiyir) …Hansı yön?.. Nə yön?… Yön nədi?.. (qəfildən gözü Qafara sataşır) Qafar… a Qafar… Bu… sənsən?..
Səidə: (əlini əlinə vurur, Qohumun təbiri ilə) …Bay dədə, Qafarı deyir… (fərəhlə o birilərə baxır) …Qafar əmioğlusunu deyir… Ömrü boyu sürücülük eləyib ona… … Yaxın sirdaşı olub…
Yazıçı: (qovluqların içindən bezgin) Bunun neçə sirdaşı varmış?!.
Səidə: (Qohum kimi danışır) …İnişil maşın altda qaldı yazıq… Bax, indi onu çağırır… Demək tay çatıb…
Yazıçı: Hara çatıb?..
Həkim: (gözü Qocada, sehrli səslə) …Astanaya…
Səidə: Astanaya?..
Qohum: …Qazaxıstanın paytaxtına?..
Qoca: Bura… (ətrafına baxır, əcayib işıqlar, səslər əks-səda verir) …bura məgər astanadı?..
Qafar: Astanadı, əzizim… Özüdü ki, var… astanadı…
Qoca: (sayıqlayır) …Bəs bu adamlar kimdi?.. (tamaşaçılara) …astana sakinləridi?!..
Qafar: Onlar da… biz də… Hamımız!..
Qoca: (vahimə ilə) …Astana… yəni…
Həkim: (astadan, sehrli səslə) …Yəni bu dünyayla O dünyanın arasında olan ilahi keçid…
Qafar: Bura çox xatalı yerdi… Burda nə istəsən baş verə bilər… Ağlına gəlməyənlər də… Bu yer… (astadan) …xüsusi zonadır…
Qoca: (vahimə içində) …Zona?..
Qafar: (astadan) Hə də... O dəfə demişdim axı sənə…
Qohum:(nəyisə anlayır, üzü dəyişir, Qafara yaxınlaşır, məxfi) …Bu… həmin o zonadı?..
Səidə ehmalca çarpayının kənarına oturur, Qocanın nəbzini tutur.
Həkim: Bala, sən orda oturma… Qəfildən keçinər, qorxarsan…
Həkimin bu sözündən Qoca yanıqlı kamança səsini andıran iniltiylə inildəyir. Səidə diksinib ayağa qalxır.
Qoca: (sayıqlayır) …Ölüm… Ölülər… Kim hardadı?… Səidə, sən burdasan?.. Bəs sən?.. Artıq adamları yığışdırın burdan… Dağılışın… Bu adamları bölüşdürün, kim hardadı… Görmürsüz, havası çatmır!.. Pəncərələri açın…
Yazıçı: (mexaniki) …Açın pəncərələri…
Qafar: (hamını dəhlizə sarı itələyir) …Keçin, keçin burdan… burda dayanmayın…
(Qapının zəngi vurulur)
Səidə: Dayanın!.. S-s-s!.. Bu, işıq idarəsindədir… Gedim, sayğacı düzəldim…
Barmaqlarının ucunda ehtiyatla dəhlizə tərəf yeriyir. Bu məqam işıq sönür. Qorxunc səslər. İçəri kimsə daxil olur. Otaqdakılar bir-birinə dəyir. Qocanın iniltisi, doğuş harayını andıran ətürpədən, vahiməli bağırtıya keçir… Qafar Qocanın üstünə atılıb onu boğur… Qohum Yasin oxuyur… Xədicə xala Qocanın çənəsini bağlayır. Səidə isterik səslərlə: «Öldü?.. Öldü?..» – deyə çığıra-çığıra otaq boyu vurnuxur... Yazıçı gözündə eynək, əl fanarı ilə Qocanın necə boğulmasını müşahidə edir... Otağa daxil olan qonaq işıq hesablayıcısında nəyisə burub işığı yandırır. Gözündəki eynəyi düzəldib hesablayıcını oxuyur, ordan nələrisə səliqəylə bloknotuna köçürür.
Qafar: (vahimə içində sirli qonağı Qocaya göstərir) …Bu… odur!.. Özüdür!..
Qoca: (hövlanak) …Kim?.. (Qafar dəhşət içində geri çəkilib yox olur)
Xədicə: (qollarını açıb ağlamsına-ağlamsına Qonağa sarı yeriyir) Dədə!.. Ay dədə!.. Qamən axan suların!.. Qaba ağacım… cöngə gözlərin…
Qonaq: (Xədicəyə astadan) …İtil!.. İtil burdan!.. Yaxın gəlmə!.. Yeri get, işinə!.. (tamaşaçılara) …Bu qədər qaba məxluq olarmı?!. (Qocaya baxır) Yazıq… ay yazıq…
Səidə: Heç hənanın yeridi?.. (Qonağa) …Ay qardaş… ay əzizim, bəlkə siz…
Qonaq: (bloknotunda nə isə hesablayır, özü-özünə) …Doqquz min beş yüz altmış dörd… vuraq on iki tam yüzdə altıya… (hesablayıb nə isə yazır)
Yazıçı: (eynəyini çıxarıb əsəbi-əsəbi) …Ay yoldaş, bəlkə siz sabah gələsiniz?!. Görürsüz ki, evdə xəstə var… Özünüz görürsüz də…
Qonaq: Bacım, bu dəqiqə xəstəsi olmayan ev yoxdur… İndi əgər biz işimizi bu xəstələrə görə dayandırsaq, gərək onda şəhər işıqsız qala… (bloknotuna baxır) …Üç aylıq borcunuz yığılıb… bu da eləyir… (kalkulyatorunu çıxarıb düymələrini basır) …on bir manat yeddi qəpik…
Səidə əsəbi hərəkətlərlə ciblərində, çantasında eşələnir. Qonaq bu məqam Qocaya yaxınlaşır. Qafarla Xədicə Qonağın zəhmindən donub.
Qonaq: (Qocaya astadan) …Hə… vəziyyət necədi?.. Hazırsan?..
Qoca: (vahimə içində Qohuma) …Bu kimdi?..
Qohum: (barmağını dodaqlarına qoyur) …S-s!.. (vahiməli pıçıltıyla) Odur!..
Qoca: Odur?.. (uşaq kimi ağlayır, ayaqlarını çarpayıya döyəcləyir) Yo-ox… istəmirəm… getmirəm… Möhlət… Möhlət…
Qonaq: Pa atonnan!.. A kişi, adama nə qədər möhlət verərlər?.. İki ildi məni boğaza yığmısan… Gah üçüncü mərtəbəyə göndərirsən, gah səkkizə, gah birə… İnsanda insaf olar, mürvət olar… Binada tay adam qalmadı axı?!.
Qohum: (Qonağı yanlayır, canfəşanlıqla) …Dördüncü mərtəbədə olmusuz?!. Orda bir balaca qarı…
Qonaq: (Qohuma məhəl qoymadan) …Yeddi il əvvəl… prostat vəzin şişmişdi, yadındadı?.. Dedin, möhlət ver… Onda deyəsən nə isə yazırdın… Yaxşı, bunu bildik… (hörmətlə) …Mən yazıya, sözə həmişə qiymət vermişəm...
Qoca: (sayıqlayır) …Cəhənnəmdi… cəhənnəm… hər yer yanır… havasızlıq… bürkü… balaca, qara adamlar… (birdən dayanır, tavanda nə isə görmüş kimi içini çəkir) …Simürğ quşu!..
Qohum: (Qocaya) …Ağ eləmə tay… cəhənnəmdə Simürğ quşu nə gəzir?..
Qonaq: (cibindən çıxardığı pulu saya-saya) …Əsas məsələ – cəhənnəm-cənnət deyil, ay canım…
Səidə: (pulu saya-saya Qonağa yaxınlaşır, pulu uzadır) …Nə varsa, elə budu…
Boş pul kisəsini açıb içini Qonağa göstərir.
Qonaq: (kalkulyatorda hesablayır, Qocaya) …Əsas məsələ cəhənnəm-cənnət deyil. Əsas məsələ (pulu pencəyinin içəri cibinə qoyur) yol məsələsidi… Bu dünyadan O dünyaya keçid məsələsidi… Astana məsələsidi…
Qoca: (vahimə içində) …Astana?!..
Yazıçı: (başını qaldırır) …Astana?!.
Qohum: (vahimə içində) ...Astana?.. Qazaxıstanın paytaxtı?!.
İşıq dəyişir, otaq boyu işığa, küləyə bənzər anlaşılmaz nə isə dolanır...
Yazıçı: (şübhə ilə Səidəyə) …Bu nədi belə?..
Səidə: (çaşqınlıq içində) …Hə… Elə bil nə isə dəyişdi…
Həkim: (sehrli səslə) …Heç nə dəyişməyib… Sadəcə, sübhün açılmağına az qalıb… Ola bilsin, üfüqdə günəşin ilk şüası çırtladı… (tamaşaçılara) …Elədə, bütün dünyada nə isə dəyişir…
Qonaq: (onlara məhəl qoymadan Səidəyə) Nolar, buna da şükür. Axır nə isə ödədiz. Camaatı bu qədər incitmək olmaz axı?!. İşıq idarəsinin uşaqlarını deyirəm… Axı onların da evi var, ailəsi var, xəstəsi var… (tamaşaçılara) Ay camaat!.. Borcunuzu öyrənin və ödəyin!.. Ödəyin və öyrənin!..
Səidə: (əsəbi) …Mənimlə də sizin aranızda lap az qalıb… Gələn aydan… bu qapını sındırsanız da, açan olmayacaq…
Qonaq: (təəccüblə) …Niyə ki, mənim balam?..
Səidə: …Çünki… çünki mən… (pul kisəsini əsəbi-əsəbi didişdirib içindən təyyarə bileti çıxarır, Qonağa göstərir) …Budur baxın!..
Yazıçı: (yazıdan ayılır) …Çünki o, bilet alıb… Gələn ay… (Qocaya baxır) …ümidvarıq ki, gələn aydan qardaşının yanına – Avropaya köçür… (ayağa qalxır) …Ərə gedir!..
Qoca: (sayıqlayır) Qələt eliyir!.. (hamı təəccüb içində içini çəkir) O, ərə getmir… Gora gedir, gora!..
Qonaq: (Qocaya) …A kişi, səfeh-səfeh danışma! Gora sən gedirsən, o yox… Bax deyəndə sənə ki, vaxtdı, elə «möhlət-möhlət» deyib ağlayırsan… Yadındadı?.. Bir neçə vaxt keçəndən sonra, mən yenə gəldim… Onda da dedin ki, yenə yazmalı nəyinsə qalıb, bir az da möhlət verim… Yazığım gəldi, dedim necə olsa, kişi yazı adamıdı… Yenə çönüb getdim… İndi yenə həyasız-həyasız «möhlət» deyib ağlayırsan… Özün cəhənnəm, bu yazıqlara rəhmin gəlsin… Nə görmüsən a kişi, bu toz-torpaqlı dünyada?..
Qohum: (Qocaya) Öz aramızdı, düz deyir də… Sən lap ağını çıxartdın e… e!
Qonaq: …Bax, hər yerin zoqquldayır, dizlərin əsir, taqətin yoxdu… çörəyi çeynəyə də bilmirsən… (gözlərə zillənir) Orda isə… (stəkandan Qocanın protezini çıxarır) …belə oyuncaqlar sənə lazım olmayacaq…
Həkim: (məlahətli səslə) …Bu, ondan asılı deyil… Burdan əl çəkə bilməyən – onun, bu dünyaya öyrəşən toxumalarıdı…
Qoca: (sayıqlayır) …Toxumalar… mənim sevimli, müdrik, sədaqətli toxumalarım… Sizi necə də sevirəm… (kimisə qucaqlayan kimi balışı qucaqlayıb öpür)
Qonaq: (hövsələsi daralır, zabitəli səslə) …Vətəndaş Abasov!?. Ayağa qalxın!..
Qoca ayağa qalxıb Qonağın qarşısında dizi üstə düşür.
Qoca: (yalvarışla) …Mən hər şeyi yazmışam yoldaş Bağırov…
Qohum: (astadan) …Bı-ıy?..
Qoca: …Olduğu kimi… Siz necə demişdiniz elə, qibleyi-aləm… maliki-bil istiqlali-külli məmaliki mərhuseyi-cahan!..
Qonaq: (əsəbi gülmək tutur) …A kişi… Ay kişi, mən Bağırov döyüləm…
Qoca: …Hər şeyi olduğu kimi yazmışam… Nöqtəbənöqtə… Necə demişdiniz: «Çto napisano perom, ne vırubişğ i toporom!..» «Yazılanlar itmir!..» Hamısını yazmışam. Elə də paylaşdırmışam ki… lazım olan əllərə çatsın… Buna mən illərimi sərf etmişəm yoldaş Bağırov… Sizə sədaqət yolunda yorulmadan əzmlə işləmişəm… Bircə gün belə özümə rahatlıq verməmişəm!..
Qohum: (başını yelləyir) …Yazıq əmioğlu… Dövlət qulluğunda başı çox bəlalar çəkdi… Hamısı onun nəticəsidi…
…O qorxunu ömrü boyu canında gəzdirdi yazıq… Gecələr Stalinlə gizli görüşlərindən danışırdı… Deyirdi: «Koba hər gecə məndən hesabat alır…»
Qoca: (Qohuma sarı) …Tfu!.. Xəbərçi köpək oğlu!..
Yazıçı: (duruxur) …Hesabat?.. Hansı hesabat?..
Qoca: (dizi üstə Qonağa) …yoldaş Stalin… İcazə verin… Mənim yenə sizinlə bağlı yazılası fikirlərim qalıb… İzin verin…
Qohum: (Qonağı yanlayır, Qocaya işarə ilə astadan) …Bu, odur… Ötən dəfə həmkarınıza da demişdim… Əleyhinizə antitəbliğat kompaniyasını o aparır… Səhər-axşam məclislərdə əleyhinizə danışır…
Qonaq: (saxta təəccüblə) …Mənim əleyhimə?..
Qohum: Özüdür ki, var…
Qonaq: (gülümsəyir) …Nə karədir axı o?.. Nə deyə bilər axı məndən?..
Qohum: Siz onu yaxşı tanımırsız… O, sizin əməliyyatları… (yanıqlı pıçıltıyla) təsvir edir!..
Qonaq: (maraqla) …Əməliyyatları?.. Hansı əməliyyatları?..
Qohum: (qorxu və çaşqınlıqla) …Bütün canüstü əməliyyatları… (bir az da astadan) …O üzə keçirilmək məqamının incəliklərini deyirəm… (səsi dəyişir) …O cür yüksək həssaslıq, nəcib duyum qabiliyyəti tələb edən belə incə, çətin məqamı o… bilirsiz necə təsvir edir?.. (lap astadan) …Sizin barədə… az qala qan içən cəllad barədə danışan kimi danışır…
Qoca: (sayıqlayır, mahnı oxuyur)
…İsmi-pünhan, niyə məndən küsübsən,
Dost mehriban ya bir olar, ya iki…
Qonaq: (əlini Qohumun çiyninə qoyur, kədərlə) …Otur, oxu…
Qohum cibindən dua kitabçasını çıxarıb əyləşir, xüsusi avazla duanı oxumağa başlayır.
Qoca: (sayıqlayır qələbə təntənəsə ilə) Heç nə çıxmayacaq!.. Hamuvuzun halvasını yeyəcəyəm, köpəkuşağı!.. Buna bir bax – mənə əmr eləyir!.. Nolar? Kim deyibsə, yaxşı deyib… «Zamana ehtiyacı var!..»
Qonaq: (Qocaya yaxınlaşıb, başının üstə dayanır) …Hə, qoca, kəlmeyi-şəhadətini de…
Qoca: (vahimə içində) Uje?!. Axı… (Qohumu göstərir) …hələ oxuyur?!.
Qonaq: Onun sənə aidiyyatı yoxdu… Bu dua dirilərdən ötrüdü…
Qoca: (gözlərini bərəldir) …Mən... demək… Uje gedirəm?..
Qonaq: A kişi qorxma, səni elə nəcabətlə aparacam ki, ruhun inciməyəcək… (ətrafdakılara) Mən sözə, yazıya həmişə qiymət vermişəm…
Qoca: (qəfildən qalxıb Qonağın əlindən qurtulmaqdan ötrü Yazıçının üstünə cumur) …Bura bax ey, sən orda yenə nə axtarırsan?.. Dədöün malıdı?!. Belə də həyasızlıq olar?.. Balam, bu qız… (Səidəyə işarə edir) …demədi sənə ki, gəlmə bu evə?.. Babam səni görəndə halı xarab olur?.. (Səidə Yazıçını, qoruyan təki boynunu qucaqlayır) …Tay adama necə deyərlər?!.
Yazıçı: (fikri qovluqlarda) Bura – mənim öz evimdir…
Qoca: (gözləri kəlləsinə çıxır) Öz evindir?.. (o birilərə) Gördüz?.. Mən bilirdim axırda bunu deyəcək… (Yazıçıya) Bura haçannan sənin evin oldu?.. Qara qızın dərdi varmış demə…
Qohum: (duanın içindən Qocaya) Fikir vermə, ağzına gələni danışır. Gah itkin nənəsini bəhanə eləyir, gah qovluqları. İndi də evdən yapışıb. Nə istədiyini özü də bilmir…
Qonaq: (Qohuma) Sən işində ol, yayınma. (Qohum dua oxuyur)
Qoca: (Yazıçının üstünə yeriyir) …Gah mənə cumursan, gah qovluqlara, gah «nənəm!..» deyib dad eləyirsən… Bax, kişisən, düzünü de, bunnar da eşitsin ki, qarnuvun ağrısı nədi də!..
Yazıçı: (fikri qovluqlarda) Mən sizə dedim…
Qoca: Nəyi dedin?.. Ay əzizim, sən – altmış il bundan əvvəl itirdiyin nənəni bizdə axtarırsan… Sən bunu dedin də, düzdü?!.
Yazıçı: Mən onu axtarmıram… Sadəcə, sizdən onun barədə məlumat almaq istəyirdim…
Qohum: (kitabçanı qoyub ayağa qalxır) …Belə də məlumat istəyərlər?!. Bir ayağı o dünyada, biri burda olan xəstə, ağsaqqal adamı…
Qoca: (astadan Qohuma) Mənim hər iki ayağım burdadı…
Qohum: (Yazıçının üstünə yeriyə-yeriyə) …divara dirəmisən ki, nə var-nə var «nənəmi axtarıram…» Bu kişi də sənə əlli dəfə ana dilində deyib ki, nənən barədə heç nə bilmir! Sənsə əl çəkmirsən, onun qovluqlarına girişirsən…
Qoca: (harasa arxaya çəkilə-çəkilə astadan Qohuma) Təhqirlər… Sən təhqirləri de!..
Qohum: (Yazıçının üstünə yeriyə-yeriyə) …Baban yaşında adama, özü də bu vəziyyətdə – can üstə olan xəstəyə olmazın sözlər deyirsən, ittihamlar irəli sürürsən…
Yazıçı: (əsəbi) …Bəs o?!. O məni təhqir eləmir?.. Məni də, bütün qələm əhlini də…
Qoca: (hardansa arxadan) …Ay sizi qələm öldürsün elə!..
Qohum: Bə niyə dözürsən bu təhqirlərə?.. Düz adamsansa, niyə çıxıb getmirsən evinə-eşiyinə hə?..
Həkim: (hardansa kənardan) İnsanların bir-birinə təzyiq göstərməsi böyük günahdır…
Qoca: (qəfildən qaça-qaça gəlib Qohumdan qabaqda dayanır) …Az qala üzünə tüpürüb qovurlar səni, sənsə yenə əl çəkmirsən!..
Qonaq: Can üstə olan məxluqat nədənsə narahat olanda, canını tapşıra bilmir... Buna canbəsər deyərlər… (Yazıçıya) …Özünü günaha batırma, qızım…
Yazıçı: (özünü itirir) …Mən… bunu qəsdən eləmirəm… Bu, məndən asılı deyil… (başını aşağı salır) …Yazısız… Sözsüz… mən həmişə… özümü… çılpaq hiss edirəm…
Qoca: Yalandır!.. Gözünün içinə kimi ağ yalandır!.. (yamsılayır) «sancaqlaya bilmirəm!..» …Yenə uydurursan!.. Bütün bu dediklərin – ədəbiyyatdır!.. Hara gəldi soxuşdurursan bu andır ədəbiyyatını!.. Bəsdir!.. Tay mənə də yox də… (sirri açan tək) …Daha burda ədəbiyyatlıq bir şey yoxdu… Burdan tamam ayrı bir şeyin qoxusu gəlir…
Yazıçı: (heyrətlə) …Siz nə demək istəyirsiz?..
Qohum: (həzzlə, Yazıçıya) …Hə, nədi?!.. Özünü niyə itirdin?.. Düz adamsan, söz tap de də…
Yazıçı: (sarsıntı içində çiyinlərini çəkir) …Özümü niyə itirirəm?.. Mən… düz adamam… Bu evə də oğurluğa gəlməmişəm…
Qohum: (həzzlə) …Bə nəyə gəlmisən?..
Yazıçı: Mən… axı deyəsən demişdim sizə?..(müqəssir səslə) …Demişdim axı əsər yazıram…
Qohum: Bisimillah…
Yazıçı: 37-ci illərdə insanların həyatını bulandıran qoca məmurdan…
Qohum: (əllərini bir-birinə vurur, otaq boyu gəzişir) Pa atonnan, qızda üzə bir bax e!..
Səidə: (vahimə içində Yazıçıdan aralanır) Sən heç bunu mənə deməmişdin…
Qoca: Hə-ə… Axır ki, gəlib çatdıq mətləbə… Axır ki, uydurmaları bir kənara qoyub sözün düzünü dedin… (qəfildən tamaşaçılara) …Ay camaat, eşidin: bu adam… yox-yox… bu məxluq-canidir!.. Mənə inanın, qardaşlar!.. Gördüz?.. Bunu özü də boynuna aldı… Ona nə qovluqlar, nə də itkin nənəsi lazım deyilmiş… Bunu özü dedi ha!.. Bu adama… (ağlamağı tutur, vahimə içində) …mən lazımam, mən!.. O, bura da elə bu məqsədlə gəlir!.. Mənim axırıma çıxmağa!.. Gördüz nə deyir?..
Qonaq: (Qocaya qəzəblə) Kəlmeyi-şəhadətini de qoca... De ki, əşhədü ənna la ilahə illəllah…
Qoca: (guya Qonağı eşitmir, ağlamsınaraq) …Demə mən… (tamaşaçılara) …uzunömürlü təqaüdçü, əmək veteranı (protezi stəkandan çıxarır) bu dünya şöhrətli adamın… (xüsusi vurğuyla) …Nobel mükafatçısının!.. materialıyammış… (yazıq-yazıqYazıçıya) Bala, ayrı bir şey tapmadın yazmağa?..
Yazıçı başını aşağı salıb iti addımlarla yazı stoluna sarı addımlayır.
Qohum: Ona bax - ona bax, yenə ora gedir…
Qoca: Onlara dəymə!..
Yazıçı: (Qocaya sarı çoşur, sərt) Onlar mənimkidi!.. İcazəsini də Səidədən almışam!..
Qoca: (vahimə içində) …Səidədən?.. Səidə kimdi a bala?!. (qovluqlara işarə ilə) …Bu boyda zirvəni bəyəm Səidə yaradıb?!.. (nifrətlə Səidəyə baxır)
Səidə: (çaşqın) Mən dedim, sonra verərəm… yəni…
Qohum: Belə de!.. Denən, düşmən ocaq başındadı da!..
Qoca: (qışqırır) …Sonrası olmayacaq!.. (Yazıçının üstünə cumur. Əlbəyaxa olurlur. Qohum da, Səidə də savaşa qoşulurlar)
Qohum: (əlləşə-əlləşə tamaşaçılara) Nə abırsız adammış ə-ə, bu!.. Nodeli də belə alıb bax!.. A bala, a bala!..
Qoca: (Yazıçıyla əlləşə-əlləşə, təngənəfəs) Mən hələ ölmürəm!.. Qovluqları da notarial qaydada dövlətə təhvil verəcəm!.. Qoy arxivdə tarix üçün saxlansın!.. (çönüb bağırır) …Notariusu bura çağırın!..
Yazıçı Qocanın üstünə şığıyır, qovluq bağlamalarını götürmək istəyir. Qoca buna imkan vermir, onlar əlbəyaxa olurlar.
Qonaq: (onları ayırmağa çalışır) …Yoldaşlar, ay yoldaşlar, sakit olun… Asayişi gözləyin… Ayıbdır, ziyalı adamlarsız…
(Hamı ortaya girir, Qocayla Yazıçını ayıra bilmirlər.)
Qonaq: (bərkdən) …Vətəndaş Abasov?!.
Qoca: (duruxur, Yazıçının boğazından əl çəkir, farağat vəziyyəti alır) …Bəli!..
Qonaq: (bloknotuna baxır) …Üç aylıq işıq borcunuz qalıb!.. (Qonaq onun başının üstünü alır) Hə, daha əcəlin yetişib, Qoca… Denən: Əşhədü ənla… (Qohum Yasini get-gedə ucadan oxuyur.)
Yazıçı: (Qoca ilə əlbəyaxa savaşda pozulan üst-başını sahmana sala-sala, boğazında Qocanın əllərindən qalan izləri ovuşdura-ovuşdura qəzəblə Qocaya) Dayan-dayan, qoca kaftar, görürəm, yenə oynayırsan… yenə vaxt udursan… Amma mənimlə… (əli ilə hədələyir) …bu oyunlar keçməyəcək!..
Qoca: (vahimə içində sayıqlayır) …Qafar, a Qafar tutun onu!.. Yenə tapançası əlindədi!.. Görmürsüz?.. Məni öldürmək istəyir!.. (ağlamsınır, bərkdən) …La İlahə İlləllah Əşhədü ənla… Məhəmmədün Rəsullillah…
Qohum: (duruxur, duanı saxlayır) …Tapança?.. Hansı tapança?..
Qonaq: (Qohuma, əsəbi) Sən oxu!.. Dayanma! (Qocaya, qeyzlə) Qoca, kəlmeyi-şəhadətini de!..
Yazıçı: (keçib Qoca ilə üzbəüz dayanır, zəhərli qəzəblə) Bəli qoca, sən haqlısan… Mən həqiqətən casusam… (tamaşaçılara, ovsunda) Oralardan buralara xüsusi tapşırıqla göndərilmiş casus!
Qoca: (tamaşaçılara ağlamsınır) Gördüz?.. Axı deyirdim sizə… Deyirdim, o casusdu… bu evə tapançayla gəlir… Sizsə qoyun kimi durub baxırdız… Axı mən deyirdim ki, ona qovluq-filan lazım deyil… Bunlar hamısı bəhanədi!..
Səidə: (çarpayının qabağında dizi üstə düşüb ağlayır) Baba, babacan… Baba, bu… (Yazıçını göstərir) Sayaddı… bizim Sayad… qonşu Sayad… balaca, dəcəl Sayad… Yadındadı?..
Qoca: (Səidəyə məhəl qoymadan) Qovluqlar! İtkin nənə! Ailə səlnaməsi!.. Deyirdim, siz inanmırdız. (qəfildən astadan tamaşaçılara) O!.. Siz görən adamlardan deyil… O, qorxunc məxluqdu… Beləsini mən heç Mozdok döyüşlərində də görməmişəm…
Səidə: (Yazıçıya) …Tanımır…
Yazıçı: (nəyəsə hazırlaşan təki yerində vurnuxur) Tanıyır… O, məni yaxşı tanıyır!.. Plaşımın xışıltısından… vurduğum ətirin iyindən tanıyır!.. (qəfildən hər iki əlini tapançanı tutan kimi Qocaya tuşlayır. Yazıçının əlinin tədricən doğruçu tapança şəklini alması, divara düşən iri kölgədə görünür.) Bura bax, Qoca, sən haqlısan! Mən sən gördüyün adamlardan deyiləm… Mən… – (hardansa aramla çəkilən «tapança» tətiyinin səsi eşidilir) …TƏZƏ ADAMAM!.. (Güllə açılır.)
İşıq dəyişir… «Öldü!..» Öldü!.. deyən bağırtılar bir-birinə qarışır… Yazıçıdan savayı hamı otaq boyu vurnuxur. İşıq yanır. Otaqda Yazıçı, Səidə, Qohum və Qoca görünür. Yazıçı otağın ortasında uduzmuş vəziyyətdə başıaşağı dayanıb. Qohum oturduğu stulun yanına yerə sərilib. Səidə dizi üstə Qohumun yanında oturub ağlayır. Qoca yatağında inləyir.
Qoca: (qələbə təntənəsi ilə) …Mən bilirdim! Bilirdim, axır kimsə gələcək!.. Gələcək!..
Səidə: (ağlaya-ağlaya fəryad qoparır) Bəsdi!.. Ay sizə qurban olum, bəsdi!.. Bəsdi! Bəsdi!..
Ətraf tədricən qaranlığa qərq olur. Bircə Yazıçı görünür
Yazıçı: (anlaşılmaz rahatlıqla)
Muncuqlar boyunun, çiynin
Göz yaşı gözün çocuğu,
İndi mən hansını yığım?..
Göz yaşını, ya muncuğu?..
Vay-vay deyən yanlış yığdım,
Muncuğu-muncuqdan üzdüm,
Göz yaşına bu muncuğu,
Muncuğa göz yaşı düzdüm,
Oy-oy çaşdım, çaşdım yenə,
Göz yaşın azacıq düzdüm…
Bir göz yaşının yanına,
Bir gör neçə muncuq düzdüm?..
Cib telefonunun əcayib musiqisi eşidilir. Ətraf dəyişir. Hər şey yaşıl rəngə boyanır. Çarpayının üstündə Qoca, Səidə və Yazıçı oturub. Çarpayının ətrafında müxtəlif pozalarda mərhumlar dayanıb. Qohum onların arasındadır…
S O N
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
среда, 2 января 2008 г.
на 5:36
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий