ALMAN KİLSƏSİ
Qızım Rənaya ithaf edirəm
- Günah məndədi. - dedim və hiss elədim ki, boğazımı qəhər tutur. Sözlərin qalanını, dodağım büzüldüyündən, axırını yeyə-yeyə dedim deyə, direktrissanın üzü təəssüfdən əyildi. - Mənim ağlıma belə gəlməzdi ki, bu uşağın musiqi qabiliyyəti ola bilər. Axı onun heç adi dərslərə, nəğmə oxumağa belə həvəsi yox idi. - sözümü axır ki, qəhərdən boğula-boğula, zorla da olsa, tamamlaya bildim.
Direktrissa qaşlarını qaldırıb yüngülcə pörtə-pörtə:
-Özünüzü nahaq belə üzürsüz. Burda günahkar axtarmağın da yeri yoxdu. - dedi. - Bilmək istəyirsinizsə, dahi musiqiçilərin çoxunun musiqi təhsili olmayıb. Əgər uşağın qabında həqiqətən bir şey varsa... Mənsə əminəm ki, var. Özü də çox şey var, o, özünü biruzə verəcək.
Rəna nəhəng royalın arxasında, həmişəki kimi, kürəyini əyib oturmuşdu, direktrissa danışdıqca, şübhə dolu nəzərlərlə gah mənə, gah da direktrissaya baxırdı. Belədə o həmişə balaca buzovu xatırladırdı. Mən onu bəzən elə belə çağırırdım: "Bu-zov..."
Direktrissa mənimlə üzbəüz qalmaqdan canını qurtarmaqdan ötrü ayağa qalxıb royala sarı getdi, Rənanın barmaqlarını əllərinin içinə alıb xəmiri ovan kimi ovdu.
- Siz bir fikir verin, barmaqlar royal dilləri üçün yaranıb. - dedi, sonra qızın əllərini royalın dilləri üstə buraxıb qəribə məlahətli səslə:
- Bayaqkını bir də çal, qızım. - dedi.
Rəna gözlərini döyüb belini dikəltdi, balaca, yumru barmaqlarını gərə-gərə Motsartın mürəkkəb akkordlu "Rekviyem"ini bir də çalmağa başladı.
Direktrissa arxasını royala çevirib gözünü yumdu, sağ əlini havada gəzdirə-gəzdirə, "Rekviyem"i hansısa görünməz klaviaturada Rənayla birgə çalmağa başladı. Bir qədər sonra gözünü açıb, sağ tərəfimdə oturan müəllimlərə:
Təsəvvür edirsiz? Siz bir qulaq asın. Bunu, bircə notu belə tanımayan, musiqi təhsilinin nə deyilən şey olduğunu bilməyən on dörd yaşlı uşaq çalır. - dedi.
Rəna bu sözləri eşitməsə də, getdikcə öz çaldığından ilhamlanmağa başlamışdı, barmaqlarını daha çevik işlədə-işlədə, sanki öz ustalığı ilə, otaqdakıların heyranlığına bəraət qazandırmağa çalışırdı.
Əsər sona yetəndə direktrissa artıq öz yerində idi, əllərini çənəsinə vurub gözlərini hansısa məchul nöqtəyə zilləyərək fikrə getmişdi.
- Düşünürəm ki, musiqi sferasına daxil olması üçün yeganə yol -uşağı vokal üzrə hazırlamaqdır. - müəllimlərdən biri - gözündəki eynəyin çərçivəsi yanağının dərin qırışlarında batan yaşlı, arıq bir qadın, xırıltılı səslə deyib niyəsə mənim üzümə baxdı - Burda ifa texnikasından söhbət gedə bilməz. Barmaqlar sıfır səviyyəsindədir. Bəli, - o, direktrissanın nə isə demək istədiyini duyub onun sözünü havadaca kəsdi - ...sizinlə tamamilə razıyam ki, barmaqların müəyyən plastikası var, lakin, onlar dilləri tanımır, onların üzərində, balerina, dırnağı üstə duran kimi durmaq əvəzinə, yayxana-yayxana gəzişir. Bir sözlə, qatar ötüb. Ona görə də cuhudlar erkən yaşlarından uşaqlarını musiqidə, baletdə, idmanda və sair sahələrdə sınayırlar ki, sonradan bu cür kazuslarla üzləşməsinlər.
Müəllimə sözünü bitirib qalibiyyət dolu üzü ilə yenə mənə baxdı.
Müəllimənin bu sözündən ürəyim bulandısa da, özümü o yerə qoymadım, çönüb üzümdəki saxta təbəssümlə Rənaya baxdım. Rəna royalın arxasında, buzov sifətiylə oturub mənə və müəllimlərə elə baxırdı, elə bil deyilənlərin ona heç bir aidiyyatı yox idi.
Biz küçəyə çıxanda, musiqi məktəbinə, əlləri, müxtəlif ölçülü musiqi alətləri qutularıyla dolu bir dəstə uşaq daxil olurdu. Rənanın onlara baxmağından əsəbiləşib kürəyini dümsüklədim:
- Belini düzəlt. - dedim.
Rəna paltosunun yaxalığını qaldırıb, dinməz-söyləməz yanaşı addımlayırdı. Onun indi nə fikirləşdiyini müəyyən eləmək çətin idi. Olsun ki, o, son iki ili saatlarla, günlərlə məşq edə-edə, barmaq-barmaq yığıb öyrəndiyi "Rekviyem"in üzərində çəkdiyi əziyyətləri barədə düşünürdü. Mənsə, onun uşaqlıq illərini xatırlayır, məktəbə, musiqiyə, kitaba olan laqeydliyini, şirniyyata və yatmağa olan meylini yadıma salır, beləcə canımı bu günkü qəzanın baiskarlığından qurtarmağa çalışırdım.
Əslində isə hər şey iki il bundan əvvəl, ciddi musiqidən çox-çox uzaq bir ərazidə, öz sadəlövh uşaq aləmində yaşayan Rənayla Alman kilsəsinə - şəhərin mərkəzi küçələrindən birində, izdihamlı küçə səkisindən bir addım geriyə çəkilib bozarmış kol-kosun, sarımtıl gül alleyasının arasında gizlənən, qaramtıl qülləsinin isə, uzaqdan baxanda, az qala buludlara dirəndiyi görünən qədim tikilidə keçirilən klassik musiqi gecəsinə getdiyimiz gündən başlamışdı.
Həmin gecə, skripkaçılardan ibarət yığcam simfonik orkestr Baxın, Motsartın, Vivaldinin əsərlərini çaldıqca, hardansa, hansı izaholunmaz yüksəkliklərdənsə zala dolmağa başlayan ilahi sədaların Rənanı anlaşılmaz vəziyyətlərə saldığını hiss edəndə, bu gözlənilməz təəssüratın balaca uşaq qəlbində nə boyda dəyişikliklər yarada biləcəyi onda mənim ağlıma belə gəlmirdi. Teatr tamaşalarında adəti üzrə üfürülmüş qarğıdalı yeyən, konsertlərdə mürgüləyən Rəna burda özünü tamamilə ayrı cür aparırdı. O, musiqini dinləməklə yanaşı, həm də elə bil görürdü. Bunu, onun bəbəklərinin irilib hardasa səhnədən kənarlarda -naməlum, görünməz ərazilərdə gəzişdiyindən anlamaq olurdu.
Konsertin səhəri günündən etibarən Rənanın günləri piano arxasında keçməyə başladı. Dillərin üzəriylə qəribə ehtiyatla, barmaq-barmaq gəzişən Rənanın, bir neçə aydan sonra anlaşılmaz peşəkarlıqla çalmağa başladığı "Rekviyem"i eşidəndə isə, mən özümü nəyinsə -hansısa möhtəşəm təhlükənin astanasında duymağa başladım...
Rəna barmaq-barmaq yığa-yığa öyrəndiyi «Rekviem»i iri akkordlarla, getdikcə daha həvəslə çalır, səhərlərimiz - otaqların divarlarını lərzəyə gətirən «Rekviem»in ağır sədalarıyla açılır, axşamlarımız - həmin hüznlə başa çatırdı. Bir müddətdən sonra mən Rənanın bu dağıdıcı akkordlarının məndə, yoldaşımda, ümumiyyətlə bütün evdə nə isə qəribə, izaholunmaz dəyişikliklər yaratmağa başladığını duydum. Dəqiq anladığım məqamlardan biri o idi ki, ilk növbədə, Rənanın Alman kilsəsindən gətirib gəldiyi bu musiqi mənim dəfələrlə eşitdiyim həmin o məşhur "Rekviyem" deyildi... Bu, bizlərdən xəbərsiz, nə vaxtdan bərisə evimizin hansı tərəfindəsə soluxub qalmış, indi isə qəfildən ətə-qana dolub şahə qalxan insana, ruhabənzər dəhşətli birşey idi...
- Elə bilirdim belə olacaq. - Rənanın qolundan tutub maşın yolunu keçirə-keçirə, sükutu pozmaq xatirinə dedim.
Rəna dinmirdi, üzü, matəm dolu əzablardan kölgəli halda mənimlə yanaşı addımlayır, addımlarını qəsdən ləngidə-ləngidə elə bil məndən geriyə qalmağa çalışırdı.
Mən, mövzunu dəyişib, onun işıqlı gələcəyindən danışır, yiyələnə biləcəyi ayrı peşələrin üstünlüyünü, onun digər sahələrdə qazana biləcəyi uğurları sadalayırdım. Rənanın gözlərinin altı qaralmış, burnu elə bil uzanmışdı. Belədə onun üzü, hansısa qədim yunan filosofunun üzünü xatırladırdı.
O günün bütün axşamı Rəna pianoya yaxın getmədi. Otağına çəkilib orda divanda üzü divara uzanıb qaldı.
Rənanın matəmindən, ya nədənsə, o axşam işıqlarımız söndü və səhərəcən yanmadı. Bütün gecəni böyük qızımla mətbəxdə, şam işığında keçirməli olduq. Həmin o gecə Rənanın otağında burulan faciəvi burulğanların titrəyişini biz qaranlıq, soyuq mətbəxdə duyurduqsa da, ora - onun otağına keçməyə niyəsə cürət eləmirdik.
Səhər naharında Rənanın gözlərinin altı yenə kölgəli idi. Bənizi solmuş, üzü bircə gecənin içində nazilib uzanmışdı. Özünü o yerə qoymayıb indi də batıq səsi ilə dünyanın məşhur opera əsərlərindən, opera sənətinin əbədiliyindən, opera müğənnilərinin bədən quruluşunun hansı tələblərə cavab verməli olduğundan və sairədən danışa-danışa elə hey nə isə çeynəyirdi. Mənsə, onun, bütün gecəni, səmtini qəfildən dəyişmək məcburiyyətində qalan nəhəng gəminin aqibətini yaşadığını, pianoçuluqdan üzülən vücudunu, musiqi aləminə düşməkdən ötrü, indi də vokal sənətinə kökləməklə məşğul olduğunu anlayır, dünən bütün axşamı yarıqaranlıq, sakit otağından qara duman kimi mətbəxə süzülən ağır matəm havasının səbəblərini dərk edirdim.
Elə həmin gündən, "Rekviyem"in piano variantı, onun daha dəhşətli opera variantı ilə əvəz olunmağa başladı. İndi də "Rekviyerm'i, Rənanın hansısa musiqi mağazasından alıb gətirdiyi vahiməli qadın xoru oxuyurdu. Bu, təxminən, bir evə qarşı elan olunmuş kütləvi məhkəmə prosesini andıran müdhiş, möhtəşəm xorun ittiham marşı idi.
Bəzən mən, nəhəng bir adamın səsiylə oxuyan bu əzəmətli, təkəbbürlü qadınları görürdüm də... Bu, üzlərinə şəffaf örtüklər salınmış dolu bədənli, hündür rahibələr idi, «Rekviyem»i kədərli üzlərlə, əllərindəki nəhəng notlara baxa-baxa oxuyur, oxuduqca, boyları bir az da uzanır, möhtəşəm buğda zəmisi kimi evimizin tavanına dirənirdi...
Xoru dinləyən Rənanın bənizinin ağardığını, gözlərinin böyüyüb, onu, hansısa qədim, nəhəng balığa oxşatdığını gördükcə, uşağın, heç hara tərpənmədən, öz evində, doğmalarının arasındaca düşdüyü çarəsiz uçurumun çıxılmazlığında hamılıqla çabalaya-sabalaya qalırdıq. Belə məqamlar onu dindirmək, yanından ehtiyatsız ötüşmək - ağır işgəncələrdən sonra şirin yuxuya dalan adamı yuxudan oyatmaq, narahat eləmək qədər günahlı bir işə çevrilirdi. Bəzən biz ürəklənib, otaqları gərən, döşəməni titrədib, az qala divarları çatladan bu qorxunc musiqini kəsməkdən ötrü müxtəlif bəhanələr gətirir, Rənanı, «Rekviyem»ə olan bu ifrat aludəliyinə görə məzəmmət eləməyə başlayırdıqsa da, onun solğun bənizindən, gözlərinin dərinliyinə çökən lal kədərindən, nədəsə səhv etdiyimizi, nəyisə axıracan anlamadığımızı başa düşürdük. «Rekviyem»in, nə vaxtdan bərisə bu balaca qızcığazı bizdən aldığını, gözümüzün qabağında oturduğu halda, onu hardasa ayn - bizim görə, duya bilmədiyimiz hansısa sirli ərazidə saxladığını anlamaq nə qədər asan idisə, uşağı, düşdüyü o Yerdən qoparıb geriyə gətirmək bizim üçün bir o qədər çətin idi... Musiqi bitdikdən sonra onun, həmin o «Geridə» heç cür yaşaya bilmədiyi, öz otağına - sakit tənhalığa çəkilib, az qala ordan da harasa daha adamsız sakitliyə sığınmaq ehtiyacı, bizlərə - doğmalarına qarşı içində gəzdirdiyi nifrətəbənzər izaholunmaz müqaviməti, yaxınlaşmaqda olan hansısa daha ciddi təhlükədən xəbər verirdi.
Günlər beləcə keçib gedirdi. Mən hər axşam işdən evə dönərkən, evimizin, yadelli işğalçılar tərəfindən zəbt edilən kimi, tanış matəm içində tapır, tələsik soyunub, özümü Rənanın otağına salır, onu, rinqdə nakaut almış boksçunun vəziyyətində - divanda üzüqoylu uzanmış halda tapırdım. Böyründə əyləşib ehtiyatla saçlarını tumarlayır, üzgüçü çiyinlərini andıran möhkəm çiyinlərini öpür, ürəyini almaqdan ötrü hər dəfə yeni nə isə yeni sözlər axtarıb tapırdımsa da, Rənan vəziyyətində köklü heç nə dəyişmirdi. Belə günlərin birində Rəna axır ki, üzünü mənə çevirib, ağlamaqdan şişmiş gözləri ilə üzümə baxdı:
- Mənə oxumaq olmaz... - dedi - səs tellərim zəifdi. Yuxarı nota qalxanda qırılır...
O axşam mən evdə olan bütün kasetləri bağlamaya yığıb dəhlizin aşağı başındakı əlçatmaz çardağın bir küncünə atdım. Səhəri günü isə, ümumiyyətlə, bu «yoluxucu» bağlamadan birdəfəlik qurtulmaq məqsədi ilə, onları evdə saxlamamaq qərarına gəldim, bağlamanı işə aparıb, orda kitab rəflərinin arasında gizlətdim.
Evimizə sakitlik və əmin-amanlıq çökdü və biz bir müddət -«Rekviyem»in izlərini yuyub təmizləməklə, onun, çalxalayıb zədələdiyi, hər bir şeyin yerini, mahiyyətini dəyişib tanınmaz hala saldığı evi əvvəlki halına gətirməklə məşğul olduq. İlk əvvəl musiqinin olan-qalan izlərini yuyub aparmaqdan ötrü, adam gətirib bütün otaqlar, döşəməsindən tavanınacan yaxşı-yaxşı yudurtduq, Rənanın otağını öz otağımızla dəyişdik, evin ovqatını təzələməkdən ötrü, hər axşam yeni-yeni maraqlı macəra filmlərinin, komik filmlərin kasetlərini alıb gətirir, istirahət günləri maraqlı gəzintilər, ailəvi şam yeməkləri təşkil edir, «Rekviyem» barədə hamılıqla susurduq.
Rəna, uzun, ağır xəstəlikdən sonra bədəninin müqavimətini büsbütün itirmiş halsız xəstəyə bənzəməyə başlamışdı. O, heç nə yemir, üzü, demək olar ki, gülümsəmir, suallarımıza donuq nəzərlərlə cavab verir, musiqi barədə ümumiyyətlə kəlmə belə kəsmirdi. Piano olan otağın qapısından, dərin uçurumun kənarından ötən kimi, tələsik addımlarla ötüşür, daha yunan filosofuna bənzəmirdi...
Bir müddət hər şey beləcə, öz qaydası ilə getməyindəydi. Mən xoşbəxt idim. Arxada qalan iztirab və həyəcan dolu günlər məndə, klassik musiqiyə anlaşılmaz bir xof yaratmışdısa da, bunun fərqinə varmır, o barədə fikirləşməməyə çalışırdımsa da, hansı gizli toxumamlasa, başımızın üstünü alan o sirli təhlükədən tam sovuşmadığımızı, hələ nə isə, daha möhtəşəm təhlükənin qabaqda olduğu necəsə hiss edirdim. Hisslərim məni aldatmamışdı...
Günlərin birində, işdən evə dönərkən, həyətimizi başına götürən "Rekviyem"in ecazkar sədaları məni binanın girəcəyindəcə ildırım kimi vurdu... Mən əlimdəki zənbillərin ağırlığını unudub, pillələri iki-iki qalxdıqca, içi musiqi tufanıyla dolub daşan otaqların ən axırıncısında, tənha divanında, nəfəssiz halda üzüqoylu uzanan Rənanı təsəvvürümə gətirdikcə, nəfəsimin itdiyini, sinəmin ortasına cod tikə kimi ilişib qalan sıxıntının boğazıma dirənib məni boğduğunu hiss edirdim.
Qapını açarla açıb özümü hövlnak içəri saldım... və dəhşətdən, ürəyimin dayandığını anladım...
...O, yenə bizdə idi... öz ürəküzən çalarlarıyla dəhlizimizin divarları arasında gərilib tavana dirənir, yenə qapıları titrədirdi... Qadınların səsi getdikcə güclənir, yüksək diapazonu mənim özümü də sıxışdırıb evin ha tərəfindənsə çölə çıxarmağa çalışırdı... Mən biləklərimin, dizlərimin, süstləşib boşaldığını, gözlərimin qaraldığını hiss edib, əlimdəki zənbilləri qapının ağzındaca yerə saldım, heysiz ayaqlarımı ardımca sürüyə-sürüyə, özümü bir təhər Rənanın otağına çatdırdım... qapını açıb içəri daxil oldum və dayandığım yerdəcə quruyub qaldım...
Rənanın üzüqoylu uzanacağı divan bomboş idi... Burda «Rekviem» i «çala bilən» nə isə də yox idi...
Gücümü toplayıb o biri otaqları, mətbəxi gəzdim, çarpayıların altını, şkafların içini yoxladımsa da, Rənanı tapa bilmədim... «Rekviem»i, qorxünc, iti şəlalə kimi axıdan qurğu da tapılmadı...
Mən, qəlbləri intiqam və məkr dolu qəzəbli rahibələrin arasında lişib qalmışdım... bu ilahi qadınların hardan, hansı otaqdan oxuduğunu anlaya bilmir, Rənanın hara gedə biləcəyi barədə qızdırmalı sayıqlamalarla düşünür və nədənsə, Alman kilsəsinin, buludlara dirənən qaramtıl qülləsini xatırlayırdım...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
среда, 27 февраля 2008 г.
на 0:10
Подписаться на:
Комментарии к сообщению (Atom)
1 коммент.:
Maraqlı hekayədir. Və mənə Rənanın sonrakı həyatı çox maraqlıdır...
Отправить комментарий