1994-cü ilin soyuq dekabr sübhü Binə aeroportunun minik salonu bomboş idi. Elə bil yarımca saatdan sonra göyə qalxacaq nəhəng təyyarəyə məndən savayı minən olmayacaqdı.
Çox keçəmdi ki, salonun o biri başında Anarla Vaqif Səmədoğlu göründü. Biz hər üçümüz İstanbula - «Türk yazarlarının qurultayı» - na, ordan da dəvət aldığımız Berlin Ədəbiyyat Evinin tədbirlərində iştirak etmək üçün Almaniyaya uçmalıydıq.
Anarla Vaqif yanaşı addımlayırdılar. Arada mənə elə gəldi, onlar ayaqlarını qəsdən, ya özlərindən asılı olmadan, eyni ritmlə, eyni növbəylə atırlar. Hər ikisinin əlində nəhəng dəri çemodan var idi.
Yaxınlaşıb salamlaşdılar. Anar hal-əhval tutdu, əyləşib çay sifariş elədi, sonra bütün gecəni yatmadığından, ümumiyyətlə, səhərlər yola çıxan günlər gecələr heç cür yuxuya gedə bilmədiyindən danışdı.
Vaqif isə dinmirdi. Anarın böyründə dinməz-söyləməz elə oturmuşdu, elə bil hələ də əlində ağır çemodan var idi. Tavanın gur işıqlarından alışıb yanan eynəyinin arxasından hara baxdığı da məlum deyildi. Üzü elə idi, elə bil bura gəlnəcən nə isə deyib qorxutmuşdular onu, balaca uşağı cəzalandıran kimi döyüb incitmişdilər, şuluqluq salıb artıq hərəkət eləməsin deyə, dərsini bu başdan vermişdilər.
…Təyyarədə biz nahar etdik və bir qədər konyak içdik.
Konyakdan sonra Vaqifin eynəyinin alışıb yanan işıqları söndü. Eynəyin tutqun şüşələrinin arxasından onun damğayabənzər qorxulu, qara gözləri göründü. Bütün yolu Vaqif həmin o damğa gözləriylə salonun gah o başında, gah bu başında vurnuxdu, yüksəkliyin təzyiqindənmi, ya nədənsə, əynindəki pencəklə qara dama-dama kəpənək kimi dar illüminatorlara dirəndi, canını qoymağa yer tapmadı.
Vaqif sonralar Yerdə də - yaraşıqlı, oynaq İstanbulda da, bir tərəfi sanki nəhəng kilsənin ağırlığından harasa aşağı əyilən Kölndə də, bizim İçəri şəhəri xatırladan səliqəli Bonnda da canını qoymağa yer tapmadı. Elə bil Yerdə də hansısa naməlum təzyiq onun bədənini məşhur Cazibə qüvvəsinin qanunlarından çıxarırdı.
O, iclaslarda otura bilmir, ədəbiyyatla, poeziyayala bağlı söhbətlər zamanı ya harasa qeyb olur, ya da yağ içmiş kimi, ürəyi bulana-bulana dağ-divara zillənib qalır, gah dağınıq baxışlarla tək-tənha foyedə döyüküğ yerindən tərpənmir, gah da parterlərin arasıyla, qəfildən qoyun sürüsünün içinə düşmüş kimi, büdrəyə-büdrəyə dolaşırdı.
Bircə müəyyən məqamlar - tənha künclərə çəkilib, orda əl güzgüsünə oxşayan balaca dəftərçəsini çıxarıb ona zillənəndə, arada bir simic-simic orda nə isə qaralayanda, canı öz yerinə otururdu elə bil. Belə məqamlar Vaqifin üzünə gizli bir məmnunluq sızır, gözlərinin dərinliyində rahat asudəliyə bənzər nə isə işarmağa başlayırdı.
Mənə isə elə gəlirdi ki, həmin o əl güzgüsünəbənzər balaca dəftərçədə Vaqif şerlərinə yox, öz üzünə baxır... baxdıqca, içini zədələyib üzünü damğalayan ağrı-acılarını saf-çürük eləyir, onları sözləriylə yuyub yaralarına məlhəm qoyur…
***
…Vaqif səfər boyu beləcə, nə işgüzar türk yazarlarının qurultayında göründü, nə Kölnün əzəmətli kilsəsində, nə də Reyn çayının adamsız sahillərində...
İstanbulda isə, şəhərin qədim məhəllələrindən birində - bir-birinin az qala qabırğasına yeriyən xırda dükanlar qarışığının içində Vaqif hansı möcüzəyləsə bir dəniz audio-kassetin içindən amerikalı cazmen Oskar Pitersonun lent yazısını tapıb çıxardı və yalnız bu məqam Vaqifin heç cür açılmayan üzü sevinclə məhrəmliyin qarışığına bənzər qəribə bir işıqla işıqlanıb açıldı... Vaqif nə vaxtsa lap çoxdannan itirdiyi əziz qohumunu qəfildən tapmış kimi, nisgil dolu qəribə bir sevinc elə sevinirdi, elə bil tapdığı amerikalı cazmen Oskar Pitersonun diski yox, uzaq Sakit okeanın dibindən çıxardığı, içi ləl-cəvahirat dolu xəzinə idi.
…Berlində isə o, Yeni il bayramı ərəfəsində küçələr boyu satılan bərbəzəkli, al-əlvan oyuncaqların, al qırmızı-qızılı suvenirlərin arasından tapıb çıxardığı balaca boz, saxsı bayquşu mənə uzadıb tutqun səslə:
- Bunu sənə bağışlayıram. - dedi. - Bu, mənəm.
Bakıya dönən gecə isə təyyarədə, Anar eşitməsin deyə, qulağıma lap astaca:
- Heç Bakıya qayıtmağım gəlmir, Berlində qalmaq istəyirəm. - deyə pıçıldadı.
Başımı çevirib üzünə baxanda gördüm ki, gözləri dolub… qaramtıl sifəti yenə incik uşaq üzünün ifadəsini alıb.
***
…Binə aeroportunda xudahafizləşəndə Vaqifin gözləri yenə görünmürdü, yenə eynəyinin şüşələri tavanın gur işığından alışıb yanırdı… Yenə ağır dəri çemodanı əlində idi. Üzü də elə idi, elə bil yenə danlanıb cəzalandırıldığı yerə qayıdırdı. Elə bil qolları da bağlı idi… Qollarını burub arxadan möhkəm-möhkəm bağlamışdılar, ağır dəri çemodanını boğazından asıb Bakıya - edama gətirmişdilər.
Vaqifi kim edam edəcəkdi?.. - onda ürəyim sıxıla-sıxıla onun, aeroportun binasından uzaqlaşan yorğun siluetinə baxa-baxa fikirləşdim.
Evə qayıtdıqca, bütün yolu Vaqifin xilas yolları barədə fikirləşdim.
Vaqifi kimdən, nədən xilas eləmək lazım idi?.. Bakı şəhərindən, yoxsa, ağırlığı altında əzilən dəri çemodanından?.. Bəlkə Anardan?.. Yazıçılar Birliyinin qorxunc, əntiq binasından?.. Ya bəlkə özündən?.. Qara damalı qanadlarından… damğa gözlərindən, onu dünyadan ayırıb öz üzünə əsir edən bapbalaca, sehrli güzgüsündən?..
Комментариев нет:
Отправить комментарий