Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010

воскресенье, 17 июля 2011 г.

YOL ÜSTƏ.

AĞZALDA BAŞLANIB, VAĞZALDACA BAŞA
YETƏN İBRƏTAMİZ ƏHVALAT.

İŞTİRAK EDİRLƏR:

Məxmirə Qəndabova - yaşı nə zamansa 60-ı adlamış aktrisa.

Xasay Dilgir - yaşı 70-i adlamış, bir vaxtlar böyük vəzifələrdə çalışmış, həmin dövrlər bir sıra orden-medallara və digər təltiflərə layiq görülmüş, ömrünün ahıl çağında hansısa naməlum səbəbdən müflisləşərək, gününü vağzal perronlarında keçirən xalq yazıçısı.

Nəzarətçi - xidməti uniformada guya perrona nəzarət edən, əslində isə «ovunu» sidq-ürəklə ələ keçirməyə çalışan, bəzi məqamlar hansısa əlamətləriylə şeytanın özünü xatırladan orta yaşlı, dolu bədənli dəmiryolu işçisi.

Tumsatan qadın: - qaraçı geyimin andıran uzunətəkli, nimdaş pal-paltarlı
kənd qadını.

Rejissor, fəhlələr, əcaib qiyafəli adamlar, sərnişinlər və sair.

BİRİNCİ HİSSƏ

Vağzal perronunu andıran məkan. Sağ tərəfdə - çarxların üstündə qatarların hərəkət cədvəli görünür. Tən ortada işıq dirəyinə bənzər hündür dirəyin başından dəyirmi vağzal saatı asılıb. Bir qədər kənarda adda-budda işıq dirəkləri və müxtəlif rəngli skamyalar gözə dəyir.
Arxa məkanı səhnədən ayıran şəffaf divarın o biri üzündə, əli çemodanlı sərnişin kölgələri bir-birinə qarışıb.
Hardansa, yaxınlıqdan relslərin üzəriylə aramla işə düşən qatar təkərlərinin səsi eşidilir. Sərnişinlərin həyəcan və təlaş dolu səsləri bu səslərə qarışaraq, tanış vağzal uğultusu yaradır.
Uğultunun arasıyla tamam ayrı, səssiz bir ərazidə danışan insan səsləri də eşidilir.

Yaşlı kişi səsi: (əks-sədayla) Bura haradı?..
Cavan oğlan: səsi: (əks-sədayla) Vağzaldı... qatarların dayandığı yer…
Yaşlı kişi səsi: Bəs bu adamlar kimdi?..
Cavan oğlan səsi: Sərnişinlərdi. Burda hərə öz qatarını gözləyir…
Ecazkar qadın səsi: Hə, burda hamı yol üstədi… Elə biz də…

Yenə vağzal uğultusu… yerə dağılan ağır qutuların, dəmir qab-qacağın səsi bir-birinə qarışır.

Yaşlı qadın səsi: (əsəbi) Tfu səni! Mağmın uşağı, mağmın. Ölü bitdi elə bil. Bayaqdannan gör bir neçə dəfə zameçani eləmişəm a-a, ayağuvun altına bax!.. Gözü elə orda-burdadı!..
Uşaq səsi: (bərkdən) Semiçka-semiçka!.. (astadan) Əmi, isti tum var, al da, al da, əmi, nolar, əmi...
Kişi səsi: (əsəbi) Tay birdəfəlik dilən də!.. Tumun güqahı nədi?..

Yenə həmin sakit ərazidən eşidilən səslər.

Cavan qız səsi: (bayaqkı səssiz ərazidən əks-səda ilə) İndi biz hara gedirik?...
Yaşlı qadın səsi: (hüznlə) Onu bilsəydik, nə vardı ki, a bala?!..
Yeniyetmə qız səsi: Ana, biz həmişəlik gedirik?..
Yaşlı qadın səsi: Onu bir Allah bilir, bala…

Vağzal uğultusu.

Ayrı qadın səsi: Yavaş ağəz, yıxıldun!..
Cavan adam səsi: (hardansa lap yaxından) Nolub alə?.. Hara soxursan özüvi?.. Görmürsən diyanmışam?!.. Ayağım çıxdı ki, yerindən?!..

«Yol verin-yol verin!..» - deyə-deyə sərnişin izdİhamını yaran hambalların səsi bu səslərə qarışır.

Reproduktordan
səs: Diqqət-diqqət!.. Sərnişinlərin nəzərinə! Üçüncü, altıncı, dördüncü xəttlərdən yola düşən qatarlara minik ikinci perrondan başlayır! Sərnişinlərdən xahiş olunur, çemodan və əşyalarını perronlarda baxımsız qoymasınlar! Təkrar edirəm: Üçüncü, altıncı, dördüncü xəttlərdən yola düşən qatara minik ikinci perrondan başlayır…

Məkan aramla işıqlanır. Adamsız perron. Vağzal əhlinin səsi hardansa o biri perronlardan eşidilir, getdikcə uzaqlaşır və itir. «Per Günt» operasından musişqi. Perrona, əyin-başından, tük basmış sifətindən evsiz-eşiksiz küçə əyyaşını xatırladan Xasay Dilgir daxil olur. O, dağınıq addımlarla perronun mərkəzinə yeriyir, vağzal saatı asılmış dirəyə çatanda ayaq saxlayır, başını qaldırıb bir müddət saata zillənir, dəstəyi pürşüklənmiş qol saatının əqrəblərini vağzal saatının əqrəblərinə uyğunlaşdırmağa çalışırsa da, zəiflikdən, ya yorğunluqdan müvazinətini saxlaya bilmir və dayandığı yerdə harasa arxaya səndələyir.
Hardansa, yaxınlıqdan, aramla təkan götürüb yola düşməyə hazırlaşan qatarın səsi, bir qədər sonra, uzun-uzadı ləng fiti eşidilir.
Xasay fit səsinə çevrilir və getdikcə uzaqlaşan görünməz qatarın ardınca baxa-baxa doluxsunub üzünü tutur, cibindən çıxardığı nimdaş burun yaylığı ilə burnunu, gözlərini silir.
Bu məqam perronun o biri tərəfindən, səhnə libasını andıran alapələng geyimdə, hər iki əli xüsusi çarxların üstü ilə hərəkət edən nəhəng çemodanları sürüyən Məxmirə Qəndabova daxil olur. Bir qoltuğuna iri fikus dibçəyini, o biri qoltuğuna nəhəng, alabəzək çətirini sıxa-sıxa, iri addımlarla düz saat dirəyinin üstünə yeriyir. Dirəyə çatıb əlindəkiləri yerə qoyur, vağzal saatının əqrəbləri ilə qol saatının əqrəblərini uyğunlaşdırır, sonra əşyaları yenidən qamarlayıb nə isə axtaran tək, perron boyu o baş-bu başa vurnuxur. İlk növbədə, özünü hövlənak qatarların hərəkət cədvəlinə sarı atır, orda əlindəkiləri yerə qoyub əl sumkasından çıxardığı biletlə cədvəldə yazılanları tutuşdurur, sonra bileti sumkasına qoyub oturmağa yer axtarır. Əllərindəki yüklərin yöndəmsizliyinə və ağırlığına məhəl qoymadan, gah qoltuğundakı fikusu, gah da, plyaj çətirini andıran nəhəng çətirini dəqiqədə bir əlindən sürüşdürüb yerə sala-sala, bir xeyli perron boyu düzülmüş skamyaların arasıyla gəzişir, onların hər birini, almağa hazırlaşan müştəri tək yoxlayır.
Xasay bir kənarda dayanıb matdım-matdım ona göz qoyur.
Uzun götür-qoydan sonra Məxmirə axır ki, skamyalardan birini seçir, nəhəng çemodanları, fikus dibcəyini skamyanın böyür-başında yerbəyer eləyəndən sonra çemodanların tən ortasında özü əyləşir, hardansa, qayış yerindən dartıb çıxardığı iri, alabəzək yelpiyi ilə üzünü yelləyə-yelləyə nəfəsini dərir, sonra yelpiyi kənara atıb hansısa, operadan tanış melodiyanı dodaqaltı zümzümə edə-edə, sumkasının içində eşələnməyə başlayır, ordan tapıb çıxardığı əl güzgüsünə baxa-baxa, üzünün makiyajını sahmana salır və bu məqam qəfildən gözü bir kənarda dayanıb matdım-matdım ona zillənən Xasaya sataşır. Əlini tələsik çemodanlarına atıb hamısından arxayın olduqdan sonra Xasayı əyri-əyri süzür və işinə davam edir.

Məxmirə: (gözü əl güzgüsündə, tamaşaçılara astadan) Gör nə marıtdıyıb?.. Fürsət
gəzir e ki, göz-gözə verib əl-ayağ qoysun çamadannarın başına. (altdan-altdan Xasaya baxa-baxa, ağzının içində) Ay sən özün öləsən!.. (qəfildən botsmansayağı hırıltıyla) Bədbəxt bilmir e, kimə ilişib. (dodaqlarına boya çəkir, qəfildən əlini saxlayıb harasa uzaqlara zillənir) E-eh, vaxtında o qədər belələrinnən qapazdamışam ki?!.. Elə bu vağzalın özündə! Drujinnikliy eliyən vaxtdar! (güzgüsünü sumkasına basıb nəfəsini dərir) E-ey, gidi dünya… (qəfildən əsəbi) Sənnən tay kimlər keçmədi?!..

Xasay Məxmirəni uzaqdan-uzağa pərəstiş dolu baxışlarla süzür. Ona sarı bir-iki addım atırsa da, yaxınına getməyə ürək eləmir.

Məxmirə: (Xasayın ona göz qoyduğundan duyuq düşüb duruxur, sumkasının güllə səsini andıran şaraqqıltıyla qapanan kilidini bağlayır. Xasay bu səsdən dik atılıb üzünü kənara çevirirsə də, altdan-altdan Məxmirəyə göz qoymağına davam edir.) Əstəğfürullah, zibilə keçmədiy?!.. (Xasayı əyri-əyri süzür) A bala!.. (Xasay guya eşitmir, əllərini ciblərinə salıb harasa, əks istiqamətə baxır) Ay oğlan!.. A-a-a?!.. A kişi, sənnənəm!.. (Xasay reaksiya vermir) A gədə, hu-uy!!!..

Xasay qəfildən çönüb sevincək addımlarla Məxmirənin üstünə yeriyir.

Məxmirə: (dik atılır) Bisimillah!..
Xasay: (gəlib Məxmirəylə üzbəüz dayanır, son dərəcə nəzakətlə) Mənimləsiniz?.. Elə də bilirdim. (cavab gözləmədən) Mən də bayaqdan elə sizə baxıram. Deyirəm elə… (susur, utancaq təbəssümlə gülümsəyir, başını aşağı salır) Bildiz də nəyi deyirəm.
Məxmirə: (Xasayı şübhəli baxışlarla altdan-yuxarı süzə-süzə, qoçusayağı) Pul istiyirsə-ən?.. (cavab gözləmədən, qayışının ha tərəfinisə dartışdırıb ordan qədim əyamların pul kisəsini andıran kisəciyi çıxarır, içindən sivirdiyi iri kağız pulu şəstlə Xasaya uzadır) Gələ!..
Xasay: (pula, qorxunc nəyəsə baxan tək baxıb diksinir) Yox-yox, siz neyləyirsiz?.. Lazım deyil, xahiş edirəm. Bu lap… siz məni lap…
Məxmirə: Götür-götür, utamma! (tamaşaçılara, hüznlə) Kim də bilməsə, mən bilirəm o ehtiyac-əclaf nə olan şeydi! (Xasay geriyə çəkilirsə də, Məxmirə pulu geriyə qaytarmır) Götür sən mənim canım, naz eləmə. (qəfildən sərt) Eşitmirsən, alə?..
Xasay: (pərt) Siz məni anlamadınız. Sizə də ona görə baxmırdım. (susur) …Və sizdən heç nə də ummuram. Ümumiyyətlə, bu, mənim xislətimdə olan bir şey deyil.
Məxmirə: Priçom tut xislət, ay başuva dönüm? Sənə pul verirəm, özüvi naza qoymusan. (qollarını qoltuğuna vurur) İndi sən guya qordısan da, hə?..
Xasay: (pərt) Siz… məni anlamadız. Mən onu demirəm. Mən demək istəyirdim ki… (çaşqın halda yerində vurnuxur, qəfildən ayaq saxlayıb tamaşaçılara) Mən nə demək istəyirdim?..
Məxmirə: (sözünü kəsir) Alə, bilirəm də nə demək istiyirsən. Demək istiyirsən ki, diənçi döyülsən, pula ehtiyacun yoxdı, bunı diməy istiyirdün?.. Onu biliriy də. Şəhər sənün kimi intelegentdərnən doludı. (tamaşaçılara, hırıltıyla) Acından ölüllər, qozdanmağlarınnan da qalmıllar.
Xasay: (pərt) Mən… (başını aşağı dikir) …həqiqətən xəcalət çəkirəm.
Məxmirə: Nöşün alə?.. Bayaqdan gözdərüvi zilləmisən çamadannarıma xəcalət çəkmirsən, indi pul almağa xəcalət çəkirsən?.
Xasay: (incik) Mən sizin çemodandanlarınıza yox, sizə baxırdım, bilmək istəyirsinizsə.
Məxmirə: (üzünü turşudur) Mənə?.. (Xasayı başdan-ayağa süzür, tamaşaçılara) Külü qoyum təpövə. Mının iştahasına bax e-e?!..
Xasay: (yadına salmağa çalışır) Sadəcə, yadıma sala bilmirəm…
Məxmirə: Nəyi salacaqsan yaduva ay yazıq?..
Xasay: (təhqirolunmuş halda) Siz… məni təhqir edirsiz.
Məxmirə: (üzünü turşudur) Neyniyirəm səni?.. (tamaşaçılara) Balam, pul vermək haçannan təhqir sayılıb?.. Ürəyim yanır sənə, verirəm də. Bu da mənim qanacağım, alicənablığım, ürək genişliyim. İstəmirsən, belə cəhənnəmə istə!.. (pulu kisəciyin içinə basır və ağzını möhkəm-möhkəm bağlayır) Bunun naz-qozuna bax e, sən mənim canım. Jındırınnan cin hürkür…

Qəfildən Xasayın halı xarab olur, dayandığı yerdə başı gicəllənən tək, harasa arxaya səndələyir, az qalır yıxılsın. Məxmirə ayağa sıçrayıb onu qucaqlayır, sürüyə-sürüyə gətirib skamyaya oturdur.

Məxmirə: Adə, noldu sənə?.. A-a?!.. Ay qardaş!.. (əlindəki yelpiklə Xasayın üzünü yelləyir.) Ay yoldaş!.. (Xasay özünə gəlir) Şükür Allaha, gəldün özüvə. Bura bax, uşağlığda sarılığ-zad keçirtməmisən?
Xasay: (Məxmirəni eşitmir, heysiz halda sayıqlayan tək) …O da elə bilirdi… indi də siz belə düşünürsüz… Amma hamınız səhv edirsiz. Heç də elə olmayıb… Mən həmişə öz ideallarıma sadiq qalmışam…
Məxmirə: (tamaşaçılara) Bisimillah… a-a-a?!..
Xasay: (qəfildən coşur) Çünki… çünki sidq-ürəkdən inanmışam!.. Sona qədər! Lap sonuncu günə qədər!.. Ruhumu da heç nəyə satmamışam!..
Məxmirə: (Xasayın dediklərinə məhəl qoymadan) Bəs miningit necə?..
Xasay: (qəfildən ayılır, dikəlib oturur, nəfəsi təngiyə-təngiyə, yazıq səslə) Onu dəqiq xatırlamıram. Amma dayanın-dayanın… (xatırlamağa çalışır) Yadıma gəlir, bir dəfə… lap uşaqlıqda… başımı möhkəm-möhkəm sarımışdılar… Anam da… anam da hardansa lap yuxarıdan mənə baxıb ağlayırdı…
Məxmirə: (tamaşaçılara, qalib tərzdə) Diyirəm də-ə. Məndə bu, fitri qabiliyyətdi də!.. Adama baxdım a-a, tut je içini görürəm də!.. Rengen aparatı kimi!..
Xasay: (nəfəsini nizama sala-sala) Mən… bilirsiz, bayaqdannan sizə demək istəyirdim ki... danışmağa da imkan vermirsiz…
Məxmirə: Yaxşı tay, az danış, nəfəsin kəsildi…
Xasay: Demək istəyirdim ki… (qəfildən ucadan)Mən sizi tanıyıram!
Məxmirə: (üzünü turşudur, ağzının içində, kənara) Vəssəlam da-a! İşimiz var da indi…
Xasay: …Amma bax adınızı… (xatırlamağa çalışır) …bayaqdan ha xatırlamağa çalışıram, yadıma sala bilmirəm. Bu dəqiqə-bu dəqiqə… (yadına salmağa çalışır, qarışıq saçlarını sahmanlamaq istəyirsə də, əli eynəyinə dəyir, eynəyi burnunun üstündən sürüşüb yerə düşür)
Məxmirə: (əyilib eynəyi yerdən qaldırır, səliqəylə Xasayın gözünə taxır, mərhəmətlə) Adımı neyniyirsən, qadası?..
Xasay: Adınızı?.. (həyəcanlanır) Axı siz bilmirsiniz… Axı mən… mən… (utana-utana) Mən sizin pərəstişkarınızam!.. (Məxmirə «pərəstişkar» sözündən qəfildən dəyişir, özünü skamyanın kürəkliyinə atıb nazlı ədayla saçlarını düzəldir. «Per-Günt» operasının sədaları eşidilməyə başlayır.) İcazə verin… (ayağa qalxıb Məxmirənin qarşısında diz çökür) …icazə verin, əlinizdən öpüm!..
Məxmirə: (əlini nazla Xasaya uzadır, tamaşaçılara baxa-baxa) Buyurun… (Xasay Məxmirənin əlindən öpür, Məxmirə nazla gülümsünür, nəzakətlə) Ayağa qalxın, xahiş edirəm. Lütfən… (oğrun-oğrun ətrafına boylanır) Görən nə deyər?..
Xasay: (ayağa qalxır, həyəcanla) Qoy kim nə deyir desin!.. Siz elə böyük sənətkarsınız ki?!.. Əslində… (söz axtarır) …əslində sizin qarşınızda bütün ölkə diz çökməlidi!..
Məxmirə: (məmnunluqdan əriyə-əriyə) Sağ olun, təşəkkür edirəm. (qəfildən nə fikirləşirsə, dəyişir, tamaşaçılara göz vurur.) Amma başa düşmədim, siz kimi deyirsiz... Olsun ki, məni kiminləsə səhv salırsınız.
Xasay: (həyəcanla) Siz nə danşırsız?.. Mən sizi səsinizdən tanıdım!.. Bayaq burda zümzümə eləyəndə… O səsi mən minlərlə səsin içindən seçərəm!..
Məxmirə: Zümzümə?.. (qəfildən nəyisə anlamış kimi, süni nazla) A-a-a, anladı-ı-ım… İndi anladım kimi deyirsiz. O məşhur aktrisanı deyirsiz yəqin. (yelpiyi əlinə alıb ayağa qalxır, karmenvari bir poza alır)
Xasay: (ovsuna düşmüş kimi, ağzı açıla halda) Aha-aha
Məxmirə: (gülümsünür) A-a?!.. Mən, o deyiləm ki?.. Olsun ki, bir az oxşarlığımız var. (tamaşaçılara) Küçədə də, bir də görürsən, oxşadırlar...
Xasay: Siz nə danışırsız?.. (qəfildən tamaşa zalına tərəf çevrilib pafosla)
Qoyma ya rəbb, zalimi bir kimsəni xar etməyə!..
Bir kəsə zülm eyləyib, dərdə giriftar etməyə!..
Məxmirə: (qaqqanaq çəkib gülür, sonra uzaqlara zillənir, səsi enir.) Yanılrsız. Olsun ki səslərimiz də oxşayır. Eşitməmisiz ki, zahiri oxşıyanın, daxili də oxşar olur?..
Xasay: Yox-yox, məni aldada bilməzsiniz!.. (heyrətlə) Bu… həmin o gülüşdü, ilahi!.. İllərlə qaranlıq tamaşaçı zalından susuz adam tək, canıma çəkdiyim həmin o sulu gülüş!..
Məxmirə: (duruxur, musiqi kəsilir. Çönüb əyri-əyri Xasaya baxır, əvvəlki tərzdə) Bu kimnəndi, alə?.. (Xasay susub çaşqın halda Məxmirəyə baxır) Deyirəm, yəni kimin əsərinnən idi bu dediyün?.. «Sulu gülüş» məsələsi…
Xasay: (köks ötürür, harasa uzaqlara zillənir, kədərlə) Biri var idi… Xasay Dilgir…
Məxmirə: (üzünü turşudur) Dilgir?.. Bu nə əcaib addı?.. (fikrə gedir) Yadıma gəlmir.
Xasay: Sizi ilk dəfə görəndə… hardaydı o, indi heç cür yadıma sala bilmirəm... (yadına salmağa çalışır) Səhv eləmirəmsə…
Məxmirə: (bezgin halda sumkasını açır, içində nə isə axtara-axtara) Ola bilsin, elə burdaydı… (öz-özün, kədərlə) Bir vaxtlar qastrol səfərrərinə yola düşəndə... (gözləri yol çəkir)
Xasay: (eşitmir, üzü işıqlanır) Yadıma düşdü!.. Özüdür ki, var: Məxmirə!.. Məxmirə Qəndabova!.. Əziz Məxmirə xanım… Mənim sevimli aktrisam… Böyük sənətkar!
Məxmirə: (fikirli halda uzaqlara zillənir) «Böyük» deyirsən?.. Səncə, mən onun kimi... o böyük, təkrarolunmaz aktrisa kimi qəhqəhə çəkə bilərəm?.. (ovsunda) Onun o qəhqəhəsində nə desən var! Üsyan!.. İnqilab!.. Böyük məğlubiyyətlər və yenə qələbə!.. (səsi enir, tamaşaçılara) O qələbə ki, heç bilmirsən nəyinə gərəkdi?!..
Xasay: Gərək ki, sizin… Əlbəttə, əgər mən yanılmıramsa, ispan dramaturqunun əsəri idi…16-cı əsr…
Məxmirə: (fikirdən ayılır, Xasaya sarı çönür, sərt) Sözü neçə dəfə deyərlər alə, adama?.. Dedim, o döyüləm də!.. (Xasay geriyə səndələyir, tamaşaçılara) Deyirəm, bu məşhurluğ nə axmağ şeymiş e!.. Blilmirsən bu duzsuz pərəstişkarların əlindən başını hara soxasan da!.. (birnəfəsə) Bazara girirsən, ağzına girirlər, küçəyə çıxırsan, üstünə cumurlar. Bilmirsən, haraynan yeriyəsən?!.. Az qalırsan, yeri qazıyıb içinə girəsən!.. Həyat döyül ki?!.. (yaxalığındakı daş-qaşlı sancağı çıxarıb paltarının ayrı tərəfinə taxmağa çalışır.)
Xasay: (çəkisiz addımlarla skamyanın ətrafında dolaşıb ayaq saxlayır, ehtiyatla) Sizdən artıq dərəcədə xahiş edirəm, məni sona qədər dinləyin. (qəfildən ciddi) Əvvəla istəyirəm biləsiniz ki, mən hər sənətkarı bəyənən deyiləm! (zəifləyir) Lakin sizin istedadınız… Bu elə bir… (söz axtarır)
Məxmirə: (Xasaya məhəl qoymadan, onunla paralel danışır, tamaşaçılara) Bu da bunun küçə avarası! İto məni tanıyır! (qəfildən dəyişir, əsəbi) Gəl, gör indi bu birilər?!.. Sənət aləmini diyirəm a!.. Gör ki, ya, insanı, (xüsusi vurğuyla) sənətçini!.. adam yerinə qoyan, sənətə, sənətçiyə qiymət verən var, ya yox!.. Bunlara sənət lazım döyül ki?!.. Bularınkı… (oturduğu yerdə qarnını şişirdib göbək atır, Xasay dik atılıb kənara səndələyir) budu! (qanı qaralır) Odu ki də ara qarışıb məssəb itib. İt yiyəsini tanımır. «Teatr!..» diyəndə, adamın burnuna turşumuş çaxır iyi gəlir. O cür müqəddəs məbədi… o cür işıqlı ocağı gör bir nə günə qoyublar?!..… (qəfildən rola girir, ayağa qalxıb bir əlini belinə vurur, o biri əlini dolça lüləsi kimi əyib dayanır, teatral paosla) Ey vah!.. Sevgidir yalnız Allah rizası…
Sevgisiz bir könül şeytan yuvası!..
(Xasay pərəstiş dolu gözlərlə Məxmirəyə baxır. Məxmirə roldan çıxır) Gör, indi o məbədi, o müqəddəs sənət mülkünü nəyə döndəriblər?!.. Rol almaq üstə bir-birini vilkalayan kim, kulisin arxasında bir-birinin qriminə kislata tökən kim... fəxri ad almaqdan ötrü çəngəl udan kim… (özünü hikkəylə skamyaya çırpır, qollarını qoltuğuna vurub tamaşaçılara) Ölürlər balam, bu fəxri adlarçun da, pa atonnan!.. O deyir: «ona «narodnı» verdilər, mən qaldım», bu deyir: «o «əməkdar» oldu, mən yox». (səsi enir, qanıqara) Əsil sənətkarlarsa qalıblar künc-bucaqda ulaya-ulaya!.. (səsi enir, matəmlə) Odu ki, də bu gündəyik.

Susur, ayayqlarını yerdən ayırıb o yan-bu yana çevirə-çevirə, üstü daş-qaşlı ayaqqabılarına tamaşa edir. Məxmirənin susmasından xofa düşən Xasay cərəyan vurmuş kimi, yerində donub qalır.
Hardansa uzaqdan ləng hərəkətlə yola düşən qatarın və o biri perronda danışan reproduktorun səsi eşidilir.

Reproduktordan səs: İkinci, altıncı, yeddinci xəttdən yola düşən qatarlara minik birinci perrondan başlayır. Sərnişinlərdən xahiş olunur, perrona yaxınlaşsınlar. Təkrar edirəm: ikinci, altıncı…
Xasay: (Məxmirəyə yaxınlaşır, ehtiyatla) Deyirəm, həyat necə də qəribədi?! (tamaşaçılara) İnsan bilmir sabahkı gün onun üçün nə hazırlayır. Şair yaxşı deyib: «Ey həyat, sən nə qəribəsən?..» Kimin ağlına gələrdi?.. Kimin ağlına gələrdi ki, biz sizinlə ömrümüzün bu çağında burda… hamını bir-birindən ayıran bu kədərli məkanda görüşcəyik?!..
Məxmirə: (fikirdən ayılar, əsəbi halda tamaşaçılara) Nolar, heç eybi yox!.. İndi başa düşərlər! Başa düşərlər, kimi verdilərəldən! Çox yox, ikicə aya!.. Qoy, gedim çatım… Birinci elə o ciyəriyanmış Safali… (dili dolaşır) Sarafaliverdiberkov… (qəfildən ayrı səslə uzaqlara) Onu görüm, ciyərsiz qalsın elə!.. (dilini şişirdə-şişirdə yamsılayır) «Bu boyda bədənnən də Ofeliya olar?» Ala!.. (əyləşməyə hazırlaşan Xasay dik atılır) Durub deyəsən ki, «bəs bu baş-göznən, bu bisavaddığnan baş rejissor olmağ olar, hə?.. Yoxsa, o əypiqıç çəyirtkələrə Ofeliyalıq yaraşır, hə?..» Adama da oxşamırlar, bədbəxt uşağı!.. Özlərinnən də bir razıdılar, bir razıdılar, elə bil alçaq dağları bunlar yaradıb!.. Nə var-nə var, arıqdılar. Heç dəxli var?.. Arıqlıq da hünər olarmış!.. (əl atıb ayaqqabısının bir tayını çıxarır, laxlaq sancağını yerinə oturtmağa çalışır) Hünər o döyül. (qəfildən bərkdən) Hünər odu ki, hər addımda səni əzib sındırmağa çalışan bu amansız dünyaya sinə gərəsən!.. Ruhunu bu ağır sınaqlar məkanınnan sağ-salamat çıxasan!..
Xasay: (heyrət içində) Bu… monoloqu deyirəm, hansı əsərdəndi?.. (fikirləşir) Sözlər tanış gəlir, amma bax, yadıma sala bilmirəm üslüb kimindi…
Məxmirə: (Xasaya məhəl qoymadan, tamaşaçılara) Deyirəm: «ay başuva dönüm, bəyəm Şekspir yazıb orda ki ya, Ofeliya arığdı?..» Nolsun ki, cavandı?.. O qədər 15 yaşında totuğ-motuğ qızlar var ki?!.. Bir də guyam ki ya, bu vaxtacan Leylini əlli yaşında arvadlar oynamayıb?.. Yoxsa, Məcnun rounu babam yaşında kişilərə verməyiblər?!.. (Xasay nə isə demək istəyirsə də, Məxmirə imkan vermir, skamyaya yayxanb «Leylinin ariyasını» oxumağa başlayır. Tarın səsi eşidilir.)
Didi Məcnun mənə ki, get, ey Leyli…
Ge-et, gözümnən uzaq olginə-ə-ə-n…
Sənə mən «get» deyirəmsə,
Sənə mən «ge-et» diyirəmsə,
Demək, tay çıxıb getməlisə-ə-ən…
(boğazına dolan qəhəri udub susur)
Xasay: (təsirlənirsə də, sonuncu sətirdən duruxur, utana-utana) Amma gərək ki, orijinalda belə deyil?!..
Məxmirə: (Xasaya məhəl qoymadan, burnunu çəkir) E- eh, bunlar adam döyül ki?!.. Bunlara nə Fizuli lazımdı, nə Şekspir. Bularınkı budı. (qəfildən ayağa sıçrayır, əllərini kiməsə yalvaran tək, sinəsinin qarşısında cütləyib süni boğazlarla) Yox-yox!.. Elə demə, Əfzəldin!.. Əgər sən qəlbimi yaxan alovların şiddətindən azca da olsa xəbərdar olsaydın, məhəbbətimi bu qədər ucuz tutmazdın!.. Ülvi, pak hisslərimi ayaqlar altına atmazdın!..
Xasay: (heyranlıqla) Siz… siz həqiqətən böyük sənətkarsınız…
Məxmirə: (Xasaya məhəl qoymadan, qanıqara halda tamaşaçılara) Odu ki də, tarix boyu bütün böyük sənətkarlar bu məmləkətdən baş götürüb gediblər. Getməyənlər də, getmək arzusuyla bu vağzallarda çürüyub ölüblər!.. (səsi bir az da enir, matəmlə) İndi də mən gedirəm. (qəfildən bəyənat formasında ucadan) Həmişəlik!.. Bu da mənim… (əl atıb sumkasını qucağına alır, içində eşələnə-eşələnə) Hanı o?.. Şoğərib...
Xasay: (sarsılır) Siz… nə dediniz?.. Gedirsiz???.. Amma axı siz bizə, bu məmləkətə lazımsınız?!.. Vallah-billah lazımsınız!.. (Məxmirənin qarşısında dizi üstə düşür, həyəcanla) Sizi and verirəm Allaha, getməyin!.. Yalvarıram sizə… Gün gələcək, burda… olsun ki, bax bu vağzalın özündə… (səsi enir) sizin heykəliniz ucaldılacar!
Məxmirə: (Xasayı eşitmir, sumkasında eşələnməkdən bezib, harasa kənara) Xah-tfu üzüvə, surəti-murdar, dilənçi!!!.. (Xasay dik atılıb yerə oturur. Məxmirə iri addımlarla perron boyu var-gəl edir, qəfildən ayaq saxlayıb harasa, arxaya) Belə tüpürüm sizin teatrınıza da, mənə verəcəyiniz o dılğır rollara da!..
Xasay: (ayağa qalxıb üstünün tozunu çırpır) Sizi yaxşı başa düşürəm, inanın mənə. Sənətkar öz qiymətini almayanda… (susur) Bu, tarix boyu belə olub. Tarix boyu böyük sənət həmişə hardasa, pərdə arxasında qalıb, (tamaşaçılara) psevdosənətçilər isə meydanda at oynadıblar!..
Məxmirə: (ayılır, Xasaya) Bağışla, sən allah… (keçib yerinə əyləşir, tamaşaçılara) Axır vaxtlar əsəblərim tamam stroydan çıxıb. O gün də maaş aldığım yerdə fikirləşə-fikirləşə, haralara gedib çıxdımsa, bir də gördüm, durduğum yerdə gözlərim qaraldı… Elə bil cin vurdu təpəmə! Öz-özümə necə hirsləndimsə, dilim-ağzım necə gicişdisə, bir dənə tüpürmək tüpürdüm?!.. (səsi enir, yumşalır) O tüpürməyi də rəhmətdiy Ağahüseyn öyrətmişdi mənə. «Cadugər»-də fitnəkar qarını oynıyanda… Düz otuz bir il baş rejissorumuz oldu fağır… (harasa yuxarılara baxır, ucadan) Allah sənə rəhmət eləsin, Aquli!.. (tamaşaçılara) «Qorxma, Məxi, - rəhmətdiy deyərdi, - ürəklə tüpür! Elə tüpür, elə bil canına yığılan bütün hirsini, ağrı-acını tüpürürsən!..» (ah çəkir) Ağrı-acı da tüpürməklə çıxır ki?.. Çıxsaydı, nə vardı ki?!.. (gözləri yol çəkə-çəkə sərt) Ağrılar var ki, onları gərək ancaq qusasan!!!.. (susub fikrə dalır, qəfildən) İndikilər heç bilirlər ki ya vapşe, baş rejissor nəmənə olan şeydi?.. (susub fikrə gedir)
Xasay: (üst-başını sahmana salır, pencəyini düymələyib ehmal addımlarla Məxmirəyə yaxınlaşır, ciddi) Görün sizə nə deyirəm. Bax, o gün… daha doğrusu, günlərin bir günü… (sirr açan kimi) elə bax burda, bu vağzalın özündə…
Məxmirə: (Xasaya məhəl qoymadan, tamaşaçılara) …O gün qəbrinin üstə getmişdim. (qəfildən Xasaya sarı çönür, ayrı səslə) Ağahüseyn Aqaverdibekovu tanıyırdun, alə?.. (cavabı gözləmədən, qəfildən mütəfəkkir obrazı alır, uzun-uzadı pauzadan sonra bas kişi səsi ilə)
Bilseydin, nə qədər üzgündür ömür?!..
Əgərçi bilseydin, sual verməzdin...
Bilmədən bəlkə də söylədin ki, sən…
(susur, ardını yadına salmağa çalışırsa da, yadına düşmür, özünü o yerə qoymadan)
Nöşün fərəhlənib gülə bilmirsən?.. (öz-özünə) Yoxsa, «ölə bilmirsən» idi?.. (Xasaya) Yaduva düşdü?.. (cavab gözləmədən, tamaşaçılara kədərlə) Ad günu idi… qərənfilləri şəklinin altına düzə-düzə:«Yetim qoydun məni, Aquş...» - dedim, sonra da, o ki, var ağladım...

Məxmirə ağladıqca, Xasay pərt-pərt dırnaqlarını didişdirir. Uzaqdan qatar fitinin səsi eşidilir. Məxmirə fitə diqqət kəsilir, qolunu çirmələyib saatına baxır, sonra yenə iştahla ağlayır. Sonrakı dialoqlar, demək olar ki, paralel gedir.

Xasay: (tamaşaçılara, kədərlə) Göz yaşları qəlbin fəryadıdır. Qəlb yalnız bu dildə danışır…
Məxmirə: (sirr açan kimi, astadan) Elə bunı demişdim, bir də gördüm, sopsoyuğ meh əsdi... Yayın cırhacırında a-a!.. (susur, çoxmənalı təbəssümlə) O dəqiqə bildim odu. Mənə təsəlli vermək istəyir. (yazıqlaşır) O elə idi axı yazıq... Hamının dərdini çəkirdi. (doluxsunur, burnunu çəkib fikrə gedir.)
Xasay: Allah rəhmət eləsin. Görürəm sizin məni dinləmək həvəsiniz yoxdu. Daha doğrusu, siz məni avaranın biri hesab edirsiz. Amma axı mən avara deyiləm?!.. Mən də sizin kimi... (qəfildən həyəcanla) Axı əslində biz hər ikimiz…
Məxmirə: (Xasaya məhəl qoymadan, əlini oturan yerdə belinə qoyur, tamaşaçılara) İndi sən gör ki, ya-a, məndən savayı o qəbiristannığa gələn var idi?.. (qəfildən aqressiv) İndi tüpürməyəsən bunların üzünə, neyləyəsən, hə?.. (skamyanın kürəkliyinə yayxanır, məmnun təbəssümlə) Elə bilirsiz tüpürmədim?.. (əsəbi hırıltıyla) Səhərisi gün birbaş teatra getdim! Özümü bufetə salıb... (ayağa qalxır, əllərini belinə vurub bərkdən) …tfu!!!.. - dedim hamınızın üzünə!.. (Xasay dik atılb özünü yığışdırır) Tüpürdüm, dedim: «Budu,- dedim - sizin qanacağınız?..» Dedim: «Sizi kim adam eliyib, ağəz?.. O zərli-zibalı adları, o məməş... (səhvini düzəldir) …döşünüzə taxıb özünüzü əsdirə-əsdirə (göstərir) gəzdirdiyiniz o salxım-salxım medalları kim taxdırıb yaxavuza, hə?..» (doluxsunur, burnunu çəkib yazıq-yazıq) Xəstə ayağlarıynan kabinet-kabinet gəzib birinizə ev, o birinizə maşın verdirən kim idi, bu bədbəxtin oğlu deyildi?.. Bəs indi noldu, nə tez unutduz yetimi?.. (qəfildən çönüb Xasaya baxır, kiminsə rolunda, pafosla) Cümlə xəyanətlərə bais olan kimdi?.. - İblis!!.. Tfu, artist e-e!.. Allah keçsin günahımnan…

Məxmirənin «İblis» kəlməsiylə bir perronun alatoran tərəfində Nəzarətçi peda olur. Xasay Nəzarətçini görən kimi büzüşüb gizlənməyə yer axtarır. Nəzarətçi iri addımlarla Məxmirə oturan skamyaya tərəf addımlayırsa da, Məxmirəni görəndə duruxub dayanır, ehmal addımlarla kənara çəkilib gizlənir.

Məxmirə: …Bunu Allah götürər, sən mənim canım?.. (yenidən qızışır, ayağa sıçrayıb əllərini ölçə-ölçə kiminsə üstünə yeriyir) Dedim: «Sağlığında qalstukundan asılıb yellənən siz döyüldüz, ağəz?..» (yamsılayır) «Aquşa!.. Aqaşiçka!..» Azzar Aquş, çor Aquş!.. (əl atıb skamyanın arxasına keçmək istəyən Xasayın yaxasından yapışır, onu sürüyüb skamyanın üstünə sərir, özü də böyründə dizi üstə yerə düşüb yazıq-yazıq) Şəklinə baxa-baxa: «Gör indi, Aquş! Gör indi, sənə kim qaldı. - dedim. - O, başlarına fır-fır fırrandığın çəyirtkələrin, bu da - mən! Sənün radio Məxün!»
Xasay: (dikəlib oturur, bir gözü Nəzarətçidə qorxa-qorxa) Mən radionu sevirəm. İctimai şüurun formalaşmasında radionun rolu əvəzsizdir. Bu, kütləvi informasiya vasitəsinin elə bir növüdür ki… (susur, öz-özünə) Bu nə cəfəngiyyatdı mən danışıram?..
Məxmirə: (dirsəyi ilə onu skamyaya sərir, tamaşaçılara) Amma di gəl ki, orden-medalları o həşəratlara verdirirdün də!.. Yadunnan çıxıb bəlkə?.. Mənə çatanda da deyirdin: (ağzını əyə-əyə) «Uca dağa bələdçi lazım döyül!..» (qəfildən Xasayı lazımsız əşya kimi əlindən yerə salır, boğazına dolan qəhəri zorla udub) Amma mən-ölmüş sən nə deyirdin, eləyirdim… Ən bivec rolları verirdin mənə, deyirdim: «nolar, rolun nə böyüyü, nə kiçiyi?!..» (Xasay ehmalca skamayadan sürüşmək istəyirsə də, Məxmirənin qüvvətli əllərindən qurtula bilmir. Məxmirə birnəfəsə) Gözəgörünməz əcinnə rolunu verirdin, deyirdim: «baş üstə!», küçədən ötən paçtalyon rolu: - «göz üstə!», (danışdıqca coşur) …hasardan boylanan dördüncü qonşu - o da «baş üstə!», səhnənin arxasından «urra!!..» çığıran komsomolçu qız - «belə o da mənim gözlərim üstə!» Acığım tutanda da, deyirdin: «Nolsun ki, özün görünmürsən, sənətin ki, görünür?!..» (qəfildən şəhadət barmağını yuxarı qaldırır, sirr açan tək) Elə bunu demişdim, bir də gördüm, (sirli pıçıltıyla) meh dayandı... (perrona sirli sakitlik çökür, cırcırama səsləri eşidilməyə başlayır. Xasay da, Nəzarətçi də xoflu-xoflu ətraflarına boylanırlar.) Bildim, xəcalət çəkir yazıq... O eləydi axı?!.. (çönüb bir müddət dinməz-söyləməz Xasayın üzünə baxır, qəfildən yanağına yüngül sillə vurur, Xasay üzünü tutub duruxur, tamaşaçılara) Amma, dedim, bircə dəfə də olsun, adımı o fəxri adlar siyahısına saldırmadın... Nolar, dedim, mən, dedim, heç vaxt fəxri ad düşkünü olmamışam. Adama öz adı yaraşıq versin! (Xasaya işarəylə) Bude, bu da bunun vağzal avarası, ito məni tanıyır!.. (Xasayı, lazımsız əşya kimi, harasa kənara vızıldadır. Xasay skamyanın o biri üzünə yıxılıb bir müddət orda ölmüş kimi, hərəkətsiz qalır) Həmişə di demişəm, indi də deyirəm:İnsan ada yaraşığ verir, ad insana yox!.. Amma, məsələ bundadı ki... (qəfildən üzü dəyişir, aramla ayağa qalxır, bir əli havada təntənə ilə) O gün!.. O meh əsən günü deyirəm a-a!.. Hamı üçün var! Bax, «kişi!» o kəsə diyərəm ki, o günə alnıaçıq, üzüağ çıxa bilsin!

İşıq dəyişir. Perrona qaranlıq çökür. Əcaib musiqi… Bir-birinin yanından sürətlə ötən qatarların səsi və həyəcanlı fiti eşidilir.
Perron, əşyalarını, uşaqlarını, yaxın qohum-əqrəbalarını itirmiş sərnişinlərlə dolur.
Sərnişinlər itələşə-itələşə, bir-birini səsləyə-səsləyə perron boyuv vurnuxurlar. Məxmirəylə Xasay da onların arasındadır. Yüklərlə dolu arabalardan biri Xasayı cənginə alıb aparmaq istəyəndə, Məxmirənin qüvvətli qolları arasından keçə bilmir. Məxmirə Xasayı qucağına alıb arabadan çıxarır. Vağzal uğultusu tədricən səngiyir.

Məxmirə: (Xasayı qucağından yerə düşürür, izdihamın ardınca qışqırır) A bala, nolub, nə xəbər?.. Öldürmüşdüz ki, kişini!.. Onsuz da hamınız gedəcəksiz də-ə, nöş qırırsuz bir-birinizi?! (Xasaya, hırıltıyla) Öz aramızdı, az qalmışdı ya-a!.. Səni də götürüb aparıceydilər a-a!.. (yerinə qayıdıb çemodanların içində eşələnir)
Xasay: (tədricən hərəkətə gəlir, dikəlib skamyanın arxsında dizi üstə dayanır, üzünün, skamyanın söykənəcəyinin arxasından görünən yarısıyla tamaşa zalına baxır, qəfildən yazıq səslə) Əslində, biz də… biz hamımız… (göks ötürür, hüznlə) Biz hamımız… siz də, biz də yol üstəyik... (qəfildən haldı dəyişir, əlini ürəyinin üstünə qoyur,vahimə içində) Ürəyim… elə bil o daha vurmur...
Məxmirə: (çemodanların içində nə isə axtara-axtara) Yaxşı görüm, ağciyər olma. Bu basabasda da ürək dayanar?..

Perrona uzunətəkli paltarda Tumsatan qadın daxil olur, özünü yellədə-yellədə, paltarının uzun ətəklərini döşəmə boyu sürütləyə-sürütləyə yeriyib Məxmirənin qarşısında dayanır.

Tumsatan: Yaxşı tumum var, a bajı. Sübh tezdənnən qovurmuşam. Qastritin dərmanıdı…
Məxmirə: (skamyaya əyləşir, üzünü kənara çevirir) Vəssalam də... (tumsatana üzünü turşudur, ağızucu) Sağ ol, istəmirəm.
Tumsatan: Vallah peşman olmazsan, gö-ö-zəl!.. Özün də yol üstəsən, başını
qatarsan, heç olmıya.
Məxmirə: (üzünü turşudur) Dedim «sağ ol» də, dişim yoxdu. (çemodanın içində nə isə axtarır)
Tumsatan: Buna diş lazım döyül ki, ay anam?!.. Maloçnıdı, ağzına atmağınla əriməyi bir olur.
Məxmirə: (əlini saxlayır, tamaşaçılara) Zibilə keçmədiy?.. (Tumsatana) Ay bacım, ay anam, dedim istəmirəm də!.. Maloçnıdı, slivoçnıdı, çox əcəb, lazımım döyül balam də-ə! (tamaşaçılara) A-a-a?!.. İşə düşmədik?.. Deyirəm, bu xarabanın heç harasında insana rahatdığ yoxdu də!.. Hayana tərpənirsən, adam çıxır, hara gedirsən, başının üstüni qara buludlar kimi alırlar. (astadan) Xörəyi də yeyəndə qorxa-qorxa yeyirəm ki, birdən onun da içindən adam çıxar!..

Məxmirəylə Tumsatan qadın danışdıqca, Xasayın gözü Tumsatanın zənbilinin bir kənarındakı, boş tum bükülülərinə sataşır. Ayağa qalxıb ehmal addımlarla arxadan Tumsatana yaxınlaşır, əlini uzadıb bükülülərdən birini çəkib cıxarır, qatını açıb eynəyini gözünə yaxınlaşdırır və oxuya-oxuya yerinə qayıdır. Sonra gözü kağızda, üzünü tutub səssiz-səssiz ağlayır.

Tumsatan: Tay niyə çığırırsan?.. Denən istəmirəm də, a?!.. Bununku lap dava-davadı ey!.. Camaatın başı xarab olub e, harda dəli var, yığışır bu xarabaya! Nə qanırlar, nə qandırırlar!.. (gözü Məxmirədə, Xasaya yaxınlaşır, astadan) Ay qardaş, yaxşı tumum var. Sən al, heç olmaya.
Xasay: (fikirdən ayılır) Nə olmaya?..
Tumsatan: (susub Xasaya baxır, qəfildən yanıqlı-yanıqlı oxuyur) Bir ayrı-ılı-ıq, bir ölü-ü-üm... heç biri olmıyeydi-i-i… (zənbildəki tumu göstərir, sirr açan tək, astadan) Deyirəm, maloçnıdı, al, peşman olmazsan.
Məxmirə: (Tumsatana) Ağəz, onun pulu var, deyirsən al?.. Görmürsən, cındırından cin hürkür?..

«Cin» sözündən səhnənin işığı dəyişir. Perronun bir tərəfinə nəhəng bulud kölgəsini andıran qaranlıq çökür. Hər üçü göyə zillənir.

Məxmirə: (dikəlib oturur, göyə zillənir) Bu nədi belə?.. Elə bil hava qaraldı?..
Tumsatan: (göyə baxa-baxa, gedir) Axşama yağış deyiblər. Mən də ondan ötrü deyirdim dayna!.. Tum çırtdayın ki, heç nə veciıza gəlməsin!..
Məxmirə: (külək vıyıltısının səsinə diqqət kəsilir) Bisimillah… Bu nə səsdi belə?..
Tumsatan: (gedə-gedə) Hələ bu nədi ki?.. Burda elə şeylər olur ki... (tamaşaçılara) yatsaız, yuxunuza da girməz!.. (çıxır)
Məxmirə: (hələ də göyə zillənib) Yo-ox, bu nədisə, elə belə məsələ deyil. Belə də hava qaralar?.. Bu tərəfdə… (sağ tərəfə yeriyib göyün üzünə baxır) göyün üzü açıqdı… (sol tərəfə yeriyib ordan göyə baxır) …bu tərəf isə zülmət qaranlıqdı... (bayquş buppultusu eşidilir)
Xasay: (səsə diqqət kəsilir, vahimə içində) Eşitdiz?.. Elə bil bayquş uladı…
Məxmirə: (Xasaya əyri-əyri baxır) Vağzalda da bayquş olar?.. Sən lap bisavadmışsan ki?!.. (səhnənin qaranlıq tərəfinə yeriyir, göyə baxa-baxa Xasaya) Bu da sənin üçün ispan dramaturqunun əsəri deyil e, ağzına gələni danışasan. Bu… (tamaşaçılara, xüsusi vurğuyla) əlamətdi!.. (yenidən göyə baxır) Nəyəsə işarədi!..

Külək uğultusu güclənir. Xasay pencəyinin yaxalığını qaldırıb titrədir.

Məxmirə: (tamaşaçılara, işgüzar tərzdə) Əslinə qalanda, Qurbanıolduğum belə əlamətdərdən iki dəqiqədən bir göndərir bizlərə də-ə. Bəs o daşqınlar, o zəlzələlər, o əcaib-əcaib xəstəliklər nədi?.. Deyir: «A bala, ayıln, nə qədər gec deyil! Bu dünya, o özünüz üçün aqurub düzəltdiyiniz pasterizovınnı həyat deyil! Bu dünya… (söx axtarır)
Xasay: (tamaşaçılara, vahimə ilə) Bura ağır imtahanlar məkanıdı!.. Görüşlər və ayrılıqlar məskənidi…
Məxmirə: (Xasaya) A-ay aton rəhmətlik. (tamaşaçılara) Amma nolsun, kimə diyirsən?.. Gör ki ya, heç qanırlar?.. Bunları zəlzələ də ayıltmadı, daşqınlar da hərəkətə gətirmədi!.. (Xasayı dümsükləyir) Zəlzələ yadundadı, alə?.. (cavab gözləmədən tamaşaçılara) Suğra xalanı… (Xasaya) …qonşumdı, yazığın övladı yoxdı, tək-tana yaşıyır fağır, kürəyimə atıb qaçıram... Yer tərpənəndə, birinci o yadıma düşdü, dedim qorxar arvad,
özümü tut je atdım aşağı... Nə isə, arvad kürəyimdə, elə tini burulmuşdum, bir də görürəm qəzet budkasının dalında iki nəfər xosunnaşırlar. O deyir, «əlli», bu deyir, «ölsən də, yüz!», o deyir «əlli!», bu deyir «ölsən də, yüz!» Baxıb görürəm, kim olsa yaxşıdı?.. Bizim başıbatmış uçaskovumuz Mirzoppa!.. (əlini əlinə vurub qaqqıldayır) Bu yanda evlər uçulur, asfaltın üstündə əjdaha boyda yarğanlar açılır, balkonlardan özünü aşağı atan kim, sabunlu-sabunlu küçəyə qaçan kim… bunlar da burda pul davası döyürlər… (qəildən sözünü kəsib göylərə) Buna Sənsən - dözürsən, ey Dözümlü!.. (tamaşaçılara, bayaqkı tərzdə) Bu mament bir dənə talçok getdi yerin altından... (sim qırılmasını andıran əcayib səs. Məxmirəylə Xasay duruxub bir-birinə baxırlar) O nə səs idi elə, hə?..
Xasay: (ayağa qalxıb ehmal addımlarla Məxmirəyə sarı yeriyir, onun yanında əyləşib xoflu baxışlarla ətrafına göz gəzdirir) Elə bil hardasa nə isə qırıldı… Ya açıldı?..
Məxmirə: (ağızucu) Olsun, prisepi açdılar. Prisepin səsini mən tanımayıb kim tanıyıcaq?.. (ətrafa göz gəzdirir) Gör bir, neçə il can çürütmüşəm buralarda?!.. (qəfildən duruxur, yerə zillənir, öz-özünə) Yoxsa, bu... (gözü yerdə, ovsunda, Xasaya) Olsun ki, bu, odu…
Xasay: (vahimə içində) Kim - o???..
Məxmirə: (Xasayı eşitmir, gözü yerdə) Hə, odu, özüdü ki, var. Dayan-dayan, s-s-s… (Yeri dinləyir) Eşidirsən?..
Xasay: (vahimə içində) Nəyi?..
Məxmirə: Yeri… Bilirsən, indi o nə deyir?.. (Xasayın gözləri bərələ qalır) (tamaşaçılara, ecazkar səslə) Deyir: (ecazla) «Ey Adəm övladı, (səsi əks-səda verir) …indi sən mənim üzərimlə gəzirsən… (səsi enir, vahiməli səslə) …Sabahsa, səni mənim qoynumda basdıracaqlar… Üzərimdə səni ehtirasların və nəfsin yeyir… (yandırıcı pıçıltı ilə) …İçimdə isə səni həşəratlar və əqrəblər dağıdacaq!!!...

İşıq dəyişir. Əcaib musiqi. Xasay titrətmə tutur.

Xasay: (xoflu baxışlarla ətrafına boylanır) Siz neylədiniz?.. Burda nə baş verir?..
Məxmirə: (heç nə olmayıbmış kimi) Mən?.. Priçom tut mən?.. (tamaşaçılara) Yox, vapşe, sözün düzü, məndə belə şeylər olur. (qəfildən ovsuna düşən tək) Bax, o ki, nə haqdasa sidq-ürəkdən danışıram, həmin dəqiqə elə bil Yer hərəkətə gəlir!.. (Möhtəşəm cırıltı səsi; öz-özünə) Ya mənim başım hərlənir?.. Nə isə, uzun sözün qısası, insan - belə məxluqdu. Ölüm qapısının ağzını kəsdirməyincə, ağlı başına gəlmir. Bunlara deyən gərək: «A bala, bir ətrafınıza göz gəzdirin, görün bir, kimlərlə qalmısız?.. Hanı sizi sevən, canlarını yolunuzda fəda eləyən ata-ananız?.. Hanı bir qoşun xala-bibiləriniz, əmi-dayılarınız, topdağıtmaz qohum-əqrəbanız?.. Kimlərlə qalmısız?.. Ayılın!.. Bu dünya - manat-məzənnə dünyası, villa-mersedes dünyası deyil!.. Vallah-billah deyil!.. (qəfildən ayrı səslə) İnanmırsız deyil?.. Mən ölüm, inanmırsı-ız?..
Xasay: (xoflu baxışlarla ətrafına baxır, astadan) Mən bilirəm.
Məxmirə: (Xasaya üzünü turşudur) Nəyi bilirsən?..
Xasay: (qorxulu sirr açan tək, yarıpıçıltıyla) Hamı burdadı…
Məxmirə: (iztehzayla) Kimi diyirsən, alə?..
Xasay: (ehtiyatla) Gedənləri deyirəm. Bu dünyadan köçənləri. O biri üzə köçsələr də, bizimlə çiyin-çiyinə, göz-gözə qalanları… Hamı budu... (xoflu baxışlarla ətrafına göz gəzdirir) burdadılar… (lap yanında «dayanan» görünməz kiməsə ehtiramla astadan) Axşamınız xeyir. Bağışlayın siz Allah, bayaqdan arxam sizə oturmuşam… (qəfildən ayrı tərəfdə «dayanan» digər görünməzə) Salam əleyküm, görmədim, üzr istiyirəm… (Məxmirənin böyrünü dümsükləyir, görünməzlərdən birinə işarə ilə, qulağına) Bu, bilirsən kimdi?..
Məxmirə: (pıçıltıyla) Kimdi?
Xasay: (pıçıltı ilə) Surlakov!..
Məxmirə: (qaş-qabağını tökür) O kimdi elə?..
Xasay: Keçmiş partiya silahdaşımdır. (kimlərəsə eşitdirən tək, ucadan) O gün, elə təsadüfən yolum Fəxri Xiyabandan düşmüşdü. Bir də gördüm, əynində qara kostyum, döşündə deputat nişanı bir adam asta addımlarla mənə sarı gəlir…
Məxmirə:Fəxri Xifabanda nə itün azmışdı?
Xasay: Heç, elə-belə gəzişirdim özümçün.
Məxmirə: Gəzişirdün?.. Qəbiristannığda da gəzişəllər alə?.. Başuva yer qəhətdi?..
Xasay: Bilirsiz, orda mən həmişə özümü… necə deyim, keçmiş illərdə hiss eləyirəm. Axı hamı ordadı?!..
Məxmirə: Kim alə?
Xasay: (xəyala dalır) Mironov, Meranaşvili, Surlakov, Amanzadə…
Məxmirə: Bisimillah, bu nə adlardı?!..
Xasay: (Məxmirəni eşitmir, xəyala dalır) Bir vaxtlar bir yerdə işləmişik, üzümüz-gözümüz öyrəşib. (kövrəlir) Onlarsız çətindi...
Məxmirə: (əlini Xasayın çiyninə qoyur) A bala, ağluvı başuva yığ, sənin xiyabanda nə ölümün var? Ahıl adamsan, biri böyründən çıxıb «pıqq!» eləyər, orda qalarsan. (göy gürültüsü eşidilir, başını qaldırıb göyə zillənir, üzü işıqlanır) Olsun ki, yağış yağacaq. Yol üstə yağışın yağmağı yaxşı əlamətdi. İnşa Allah!.. (qəfildən Xasaya) Bu sözün mənasını bilirsən, alə?.. (Xasay döyükmüş halda başını yelləyir) Uşağlığda, məktəbdə inşa-zad yazmamısan?..
Xasay: Yazmışam. (başını aşağı salır) Elə sonralar da… o yolla getdim…
Məxmirə: Hansı yolla? İnşaatçı oldun?..
Xasay: (başını aşağı salır) Yox, yazıçı oldum…
Məxmirə: (üzünü turşudur) Yazıçı?.. (Xasayı başdan-ayağa süzür, iztehzayla) İndi demək, sən yazıçısan da, hə?.. (Xasay kədərlə başını tərpədir) Ol da, nə deyirəm?.. Burda nə itun azıb, olmaya, sən də mənim kimi...
Xasay: (uzaqlara zillənir, kədərlə) Məni bura zaman gətirib.
Məxmirə: (Xasay baxan səmtə boylanır) Zaman?.. O kimdi?..
Xasay: (kədərlə) Bir kimsəyə rəhmi gəlməyən zalım çərxi-fələk. (gözləri yol çəkir) Bir vaxtlar mən də sizin kimi məşhur idim. Kitablarım əl-əl gəzirdi…
Məxmirə: (əl sumkasının içində nə isə axtarır) Sora noldu, pişiy asqırdı?..
Xasay: (başını aşağı salır, qəhərlə) Sonra belə məlum oldu ki… (qəhərdən boğulur, danışa bilmir) …belə məlum oldu ki…
Məxmirə: Yaxşı tay, ürəyim çəkildi!..
Xasay: …bütün zəhmətim… gecələrlə sübhəcən yazıb yaratdıqlarım… əsərlərim… (qəfildən coşur, tamaşaçılara) Cild-cild əsərlərim… sən demə… sən demə… (cibindən, bayaq zənbildən götürdüyü əzik kağız parçasını çıxarır və əli titrəyə-titrəyə Məxmirəyə uzadır)
Məxmirə: (kağızı Xasayın əlindən alır, höccələyə-höccələyə oxuyur) …zə-fər yü-rüş-lə-ri… (üzünü turşudub Xasaya baxır)
Xasay: (pərt) Bu, mənim erkən yaradıcılığımdandı. Sonralar mən mövzu dairəmi genişləndirdim. (tamaşaçılara, müəllim təbiri ilə) O dövrlər ədəbiyyat dövlət ideologiyasına xidmət edirdi. Xalq kütlələrinin maariflənməsi üçün müvafiq məzmunlu və ideya istiqamətli əsərlər ortaya qoyulmalıydı. (qəfildən susub qorxa-qorxa Məxmirəyə baxır.) Xalqlar dostluğu, sosializm yarışları, əmək və zəhmət adamlarının portretləri… (səsi getdikcə enir)
Məxmirə: Onu bildik. Deyirəm, yəni indi niyə bu gündəsən?.. (əli ilə onun üst-başına işarə edir)
Xasay: (pərt hərəkətlərlə üst-başını sahmana salaır) İndi mən də, əsərlərim də… (çiyinlərini çəkir) belə çıxır ki, daha heç kimə gərək deyilik… (tamaşaçılara) Zaman dəyişdi, nə xalqlar dostluğu, nə əmək qabaqcıllarının portretləri heç nəyə gərək olmadı. Dedilər «zamanı ötüb».

Xasay burun yaylığını çıxarıb gözlərinə basır, qəfildən gözü perronun kənarında dayanan Nəzarətçiyə sataşır. Özünü yığışdırıb nizamlı addımlarla əks çıxışa sarı addımlayır.

Məxmirə: (Xasaya) A-a?!.. A bala… Hara?.. (Xasay çıxışa sarı addımlayır) A gədə!.. (özünü Xasaya yetirib qolundan yapışır, skamyanın yanına sürüyə-sürüyə) Sən nə oyun çıxarırsan, alə?.. (skamyaya salır, Xasayla üzbəüz dayanıb əllərini belinə vurur) İstəyirsən yenə arabaya qoyub aparsınlar səni?..
Xasay: (gözü Nəzarətçidə, əlini mədəsinin üstünə qoyur) Özümü nə isə birdən-birə yaman pis hiss elədim. Yağışdan əvvəl həmişə belə olur...
Məxmirə: O göstərdiyin - mədədi. (keçib Xasayın yanında oturur) Acsan, qarnın da ona görə ağrıyır. (yol çantalarından birini skamyanın üstünə qoyub açır, içindən, cığara torbaya yığılmış yumurtaları çıxarır)
Xasay: (gözləri böyüyə-böyüyə kəkələyir) Yox-yox, mən ac deyiləm… Qəti surətdə ac deyiləm! Sizə and içərəm ki…
Məxmirə: (Xasaya məhəl qoymadan, yumurtaları bir-bir skamyanın taxtasına vurub sındırır və səliqə ilə soymağa başlayır) İndi səni yedirdim, gör ki ya, bir yerin ağrıyır, ya yox!.. (tamaşaçılara) Yolunku budu da!.. Klassika!.. (soya-soya ləzzətlə burnunu çəkir) Hə, onu deyirdim axı...

Nəzarətçi ədəbli addımlarla perrona daxil olur. Bir müddət onları görmürmüş kimi, perronu gəzib dolanır, skamyaların altını, saat və işıq dirəklərinin vəziyyətini əl fənəri ilə yoxlayır. Qatarların hərəkət cədvəlinə yaxınlaşır, cibindən çıxardığı iri yaylıqla cədvəlin şüşəsini səliqəylə silməyə başlayır.

Xasay: (gözü Nəzarətçidə Məxmirənin böyrünə qısılır, kəkələyə-kəkələyə) O gün mən b-burda… b-beləcə d-dayandığım... tfu, oturduğum y-yerdə… bir də gördüm, bir nəfər… B-belə hü-hündürboy adam… əynində də d-dəmiryolçu uniforması…
Məxmirə: (gözü Nəzarətçiyə sataşır, yumurtaları soya-soya dirsəyi ilə Xasayı dümsükləyir, astadan) Bu kimdi, alə?..
Xasay: (qorxu içində Məxmirənin qulağına pıçıldayır) Bu, odu!!..
Məxmirə: Kim - o?.. (çönüb Nəzarətçini başdan-ayağa süzür)

Xasay lal işarələrlə Məxmirəyə nə isə başa salmağa çalışırsa da, Məxmirənin üzü dəyişmir.

Xasay: (yandırıcı pıçıltıyla) U-uni-for-ma!.. N-nə-zarət-çi!..
Məxmirə: (üzünü turşudur) Nəzarətçi?.. Püf-püf-püf!.. Nəzarətçi kimdi, alə?.. Bunların direktoru məni görəndə mil dayanır, bu nə karədi ki?!.. (tamaşaçılara) Deyirəm, bu camaatın başı lap xarab olub. Hərə özündən bir naçalnik düzəldib! Bunlara deyən lazım: «Bu dünyanın… (barmağıyla göyləri göstərir) bir naçalniki var! (Nəzarətçinin hərəkətlərinə göz qoyur, astadan) Bunun baz-burutuna bax da!.. (Nəzarətçiyə) A bala!.. (Nəzarətçi onu eşitmirmiş kimi, cədvəlin şüşəsini daha səylə silməyə davam edir) Ay yoldaş!..
Nəzarətçi: (qanrılıb Məxmirəni indicə görürmüş kimi, ədəbli addımlarla skamyaya yaxınlaşır, diktor təbiri ilə) Axşamınız xeyir, hörmətli tamaşaçı… tfu, sərnişinlər!..
Məxmirə: (Nəzarətçini şübhəli nəzərlərlə başdan-ayağa süzə-süzə) Abatun xeyir. Bizi axtarırsan?..
Nəzarətçi: (özünü itirirsə də, çaşqınlığını biruzə vermir) Xeyir xanım, sizi niyə axtarmalıyam kin? Boynuma düşən vəzifə borcumu yerinə yetirirəm.
Məxmirə: (üzünü turşudur) Vəzifə borcunu?.. Şüşəsilənsən? (Nəzarətçi duruxur) Deyirəm, yəni buraların təmizliyinə sən baxırsan?..
Nəzarətçi: (çaşqın) Yox, niyə kin?!.. Onu mən… (söz axtarır, qəfildən saxta səmimiyyətlə) Bu, mənim daxili ehtiyacımdır.
Məxmirə: (yumurtadan dişləyir, iztehzayla) Nədi sənin daxili ehtiyacın, şüşə silmək? Başuva iş qəhətdi?..
Nəzarətçi: (qəfildən kövrəlir) Yox, mən… (tamaşaçılara) Bu, mənim ağır uşaqlıq illərimdən yadigar qalan köhnə vərdişimdi. Elə nə görürəm, silib təmizləyirəm, əlimin altına nə keçir, tozunu alıram, parıldadıram... (qəfildən coşur, tamaşaçılara) Bu, elə bir maniakal-depressiv haldır ki…
Məxmirə: (üzünü turşudur) Manyaksan?..
Nəzarətçi: (pərt) Xeyr xanım, siz məni düzgün başa düşmədiniz. Mən sadəcə... (başını aşağı salır, süni kədərlə) Axı mən uzun müddət yetimçilik çəkmişəm?!.. Evin hər işi mənimlə olub. (süni kədərlə) Şüşə də silmişəm, döşəmə də süpürmüşəm, yeri gələndə, lap… (qəfildən təsirlənir, səsi titrəyir) …tualetləri də…
Məxmirə: Yaxşi tay, ürəyimiz bulandı!.. (kənara astadan) Niyabəd köpəyoğlı!.. (Nəzarətçini bir də başdan-ayağa gözdən keçirə-keçirə) Amma belə nə isə gözüm su içmir də, sənnən. Elə bil səni hardasa görmüşəm… (xatırlamağa çalışır) Hansısa kinoda... Ya türməyidi, haraydı?.. (fikrə gedir) Heç cür yadıma sala bilmirəm də indi…
Nəzarətçi: (qulaqlarını çəkir) Allah eləməsin, siz nə danışırsız, ay xanım?!.. Türmə nədi, zad nədi?.. Mən hələ lap uşağlıqdan… E-e-e… gör haçannan burda işləyirəm. Demək olar, buralarda böyümüşəm. 14 yaşımdan dispecçer köməkçisi olmuşam, bir bölük yetim bacı-qardaşımı saxlamışam.
Xasay: (Məxmirəni dümsükləyir, vahimə içində pıçıldayır) Bu, odu!!!..
Məxmirə: (Xasaya məhəl qoymadan, Nəzarətçiyə) Ax vot ono şto?!.. Papa Terez!..
Nəzarətçi: O nədi elə?..
Məxmirə: Deyirəm yəni malades də!.. (Nəzarətçi başını aşağı çalıb utancaq sükutla susur. Məxmirə qollarını qoltuğuna vurub Nəzarətçini süzməyinə davam edir. Bir neçə an üçü də susurlar.) Hə, nolsun indi?..
Nəzarətçi: (başını qaldırır) Nə nolsun?..
Məxmirə: Diyirəm, yəni niyə dayandın?
Nəzarətçi: (çaşqın) Dayanmıyım?..
Məxmirə: (tamaşaçılara) Zibilə keçmədiy?.. (Nəzarətçiyə) Deyirəm, yəni yeri get işinə, gücünə də, a-a?!..
Nəzarətçi: (özünü itirir) Gedim?.. Nə deyirəm, gedim də. Yaxşı, sağ olun, çox sağ olun. (geriyə çönüb gedə-gedə) Allah razı olsun.
Məxmirə: (gözü Nəzarətçidə, Xasaya) Bura bax, sən bilərsən, bu kimdi belə?..
Xasay: (pıçıltıyla) Siz neylədiz?..
Məxmirə: Neylədim?..
Xasay: (vahimə içində) İndi o, bizi rahat buraxmayacaq!
Məxmirə: (üzünü turşudur) Kim, alə, bu?..
Xasay: Siz onu tanımırsız. Kim olduğunu da bilmirsiz. (həyəcanla) O… o, nəzarətçi deyil!
Məxmirə: Nəzarətçi deyil?.. Bəs kimdi?..
Xasay: (nə isə demək istəyirsə də, ürək eləmir) Yox, mən qorxaq deyiləm. Cinə - şeytana da inanmıram!.. (səsi enir) Daha doğrusu inanmırdım…
Məxmirə: (tamaşaçılara, astadan) Bu da xarab çıxdı. Bunun da axırına çıxıblar uje. Təəccüblü deyil. (kövrəlir, özünə işarəylə) Budu, bu boyda insan məhv olur gözlərinin qabağında. (xüsusi vurğuyla) İnsan qalsın bir yana, sənətkari!.. O sənətkar ki, bütün həyatını fəda elədi sizin üçün!.. (səsi enir, yazıq-yazıq) Bəs siz neylədiz?..
Xasay: (hələ də Nəzarətçinin ardınca baxa-baxa) …Buranın nəzarətçilərini yaxşı tanıyıram. Onların forması ayrı cür olur…
Məxmirə: (Xasaya məhəl qoymadan) Mənə verdikləri qiymətə bax!.. (Xasay nə isə demək istəyirsə də, onu kənara itələyib əsəbi hərəkətlə çemodanlarda eşələnir, hansı birininsə içindən, güllü yaylığa bükülmüş, iri ölçüdə qırımzı, məxmər üzlü diplomu çıxarıb iyləyir) Püff!! Nöüt iyi verir!.. (diplomu o üz-bu üzə çevirir, kədərlə) Bu da bunların mənim qırxillik yaradıcılığıma verdikləri qiymət!.. Balaca deyil ki, stolun sirtməsinə soxub gözdən itirəsən. Buetə də qoymağ olmur ki, (diplomun qatını açıb çemodanların üstündə qoyursa da, diplom aşır) aşıb qab-qacağı sındırar…

Xasay heyrətlə Məxmirənin hərəkətlərini izləyir. Məxmirə diplomu səliqə ilə büküb əvvəlki yerinə qoyur, içi pal-paltar dolu çemodanın qapağını ha basırsa da, qapaq bağlanmır. Onda o, bütün ağırlığını çemodanın üstünə salıb oturur və axır ki, qapağın ağzını kilidləyir.

Məxmirə: Andıra qalasan a!.. (keçib yerinə əyləşir, nəfəsini dərir) İnsanı bu günə salarlar?.. Gör iş nə yerə yetib ki, güzgüdə gözüm özümə sataşanda deyirəm: «Sən kimsən e, vapşe?!..»

Məxmirə susur. Ortaya ağır sakitlik çökür. Hardansa yaxından asta-asta yola düşən qatar təkərlərinin səsi eşidilir. Xasay pərt-pərt dırnaqlarını didişdirir. Uzaqdan qatar fitinin səsi eşidilir. Məxmirə fitə diqqət kəsilir, qolunu çirmələyib saatına baxır. Sonrakı dialoqlar, demək olar ki, paralel gedir.

Xasay: (kədərlə) Sizi yaxşı anlayıram. Mən də küçlərlə dolaşanda… gözüm vitrinə, ya pəncərə şüşəsinə düşən əksimə sataşanda öz-özümə deyirəm: «Xasay?!..» (qəfildən kövrəlir, qəhərlə) «Xasay Niyazoviç, bu, sənsən?!..»
Məxmirə: (Xasaya məhəl qoymadan, onunla paralel tamaşaçılara) Nolar?!.. Buna da dözərik! Allaha çox şükür, öyrəncəliyik. Aclıq da görmüşük, qıtlıq da, belə soyqırım da!.. Amma tay hər şeyin də əndazəsi var axı, ay başınıza dönüm... (qəfildən gözlərini yumur, əlini qulağının dibinə qoyub segah üstündə oxumağa başlayır. Hardansa, onun oxusunu müşayət edən tar səsi eşidilir)
Dedi könlüm mənə ki, hər şeyin əndazəsi va-ar…
Etmə sən qəlbə xəya-anə-ət
Çün, onun da gizli bir sevdası va-ar…
Yar əman-əman-əman…
Ey dad - ey dad ey, da-a-au-ud…
Xasay: (duruxur) Davud? Davud kimdi?.. Burda mən nə isə xoşagəlməz bir hadisə duyuram… (əlini sinəsinə qoyur, vahimə içində) Ürək döyüntülərim yenə zəifləyir. (Məxmirəyə) Axı mən serdeçnikəm!..
Məxmirə: Hə nolsun?.. Mən də peçonoçnikəm. Gör ki, ya, qorxuram?.. (tamaşaçılara) Bax, o işığa kor baxım ki... (qəfildən gözlərini tutub bağırır, teatral pafosla) Heyhat!!! Gözlərim!!! (Xasay diksinib ayağa sıçrayır, Məxmirə ayağa qalxıb kor adamın hərəkətləri ilə bolşluğu yoxlaya-yoxlaya, yeriyir, qalın kişi səsi ilə) Eyvah!! İşıqlı dünya!!! (qəfildən coşur, harasa uzaqlara)
Əlvida, ey Günəş, ey odlu səma!..
Bir daha açılmaz nurlu sabahlar!
Bir daha görünməz gül üzlü bahar!…
Xasay: (özünü Məxmirəyə yetirib qolundan tutur, təşvişlə) Siz… sizə noldu???..
Məxmirə: (dikəlib gözlərini açır, astadan) Nə var alə, nolub?..
Xasay: (həyəcan içində tövşüyür) Sizin gözləriniz...
Məxmirə: (astadan) Sənün heç bayırlığın yoxmuş ki?!.. (qalib addımlarla keçib yerinə əyləşir, soyulmuş yumurtalarndan birini duzlayıb yeyə-yeyə) Gəl otur, tikən yarımçıq qalıb. Bilmədin, hansı əsərdəndi?.. «Korun əfsanəsi» - nnəndi də.
Xasay: (zorla udqunur) Korun??.. (xatırlamağa çalışır) Klassikadandı?.. (ehmal addımlarla yeriyib Məxmirənin yanında əyləşir, yadına salmağa çalışır) Yadıma gəlmir... Olsun ki, maarifçilərdəndir. (Məxmirə yumurtanın birini duzlayıb onun ovcuna basır, Xasay yumurtanı həvəssiz halda çeynəyir)

Məxmirə susub fikrə gedir, yumurta yeyə-yeyə ayaqlarını yerdən ayırır, havada yellədə-yellədə bir müddət çəkmələrinə baxır. Göy gurultusu eşidilir. Xasay, çənəsini saxlayıb göyə zillənir.

Məxmirə: (gözaltı Xasayın yeməyinə baxa-baxa ağzının içində) Bədbəx oğlu... səni də analar doğub… yuxusuz gecələrlə keşiyini çəkib… (yumurtanın o birini də ağzına basır, dolu ovurdlarla bərkdən)
Ay mənim ipək balam… (Xasay dik atılır, tikəsi boğazında
qalır) Bununmuçun böyütdü anan səni?..
Ağuşunda gecələrlə səhərləri bəklədi?.. (dilinə dolaşan iri tikəni zorla udub səsini bir ton da yüksəldir)
Nə bileydim, nə bileydim mən - fəqir
Ruzigarın yazdığı bu zor hökmü?.. (qəfildən susur, öz- özünə)
«Zor» idi, ya «zır» idi?.. (yadına sala bilmir və şeri deməyə davam edir)
Bilsəydim çi, əgər mən...
Xasay: (qəfildən coşur, dolu ovurdlarla)
…Taleyin bu yazdığı
Min cür ağrılı, paslı,
Vətən nişanəsini!..
(ardı yadından çıxırsa da, özünü o yerə qoymur və qoşur ) Bilmək gərək əslini!.. (susub çeynəməyinə davam edir)
Məxmirə: (Xasaya sarı çönür, qoçusayağı) Noldı?..
Xasay: Nə noldu?..
Məxmirə: Nəyin «əslini»?..
Xasay: (pərt halda yumurtadan dişləyib ehtiyatla çiyinlərini çəkir, astadan) Olsun ki… vətənin…
Məxmirə: Olsun ki?!.. (Xasayı əyri-əyri süzür) Vətənin də əsli olar, alə?!.. (tamaşaçılara) Bu da bunun sözü. (bir müddət ikisi də yumurta yeyə-yeyə dinməz-söyləməz tamaşa zalına baxırlar. Məxmrə qəfildən Xasaya sarı əyilir, astadan qulağına) Yaxşı tay!.. Görürəm mənim adamımsan. Bircə sənə deyirəm: (pıçıltıyla) Mən - oyam...
Xasay: (duruxur, Məxmirəyə dəhşətdən böyümüş gözlərlə baxır) O?.. (yediyi tikə boğazında qalır, çeçəyib öskürür, ovurdlarını tutan yumurtadan boğula-boğula, daha dəhşətlə) O???..
Məxmirə: İraq olsun… (Xasayın kürəyini döyəcləyə-döyəcləyə) Adə, öldün ki?!..
Xasay: (həyəcanla) Demək… demək siz bayaqdan məhz bunün üçün məni sorğu-suala tuturdunuz?.. Mənsə… (qəfildən ayılır, tamaşaçılara) Dayanın, mən nə danışıram?!.. (Məxmirəyə məhrəm nəzərlərlə baxır) Siz zarafat edirsiz...
Məxmirə: (tamaşaçılara) Bunun kitabı bağlanıb. Mən deyəndi: axırına çıxıblar. (Xasaya baxıb dərdli-dərdli içini çəkir və növbəti yumurtanı soymağa başlayır)
Xasay: (pərt) Mən… ümumiyyətlə, mən beləyəm, lap uşaqlıqdan beləyəm. Hər şeydən ehtiyat edirəm, hər şeydən halım dəyişir… (çiyinlərini çəkir) Allah belə yaradıb. (səsi enir, sirr açan tək, tamaşaçılara) Amma bir dəfə burda, deyəsən elə bu skamyada idi… oturub eyni ilə belə bir yumurtanı yediyim yerdə bir də gördüm bax, buramdan… (əlini sol qabırğasının altına qoyur, tamaşaçılara) elə bil səs gəldi…
Reproduktordan səs: Diqqət-diqqət! (ağzındkı tikə Xasayın boğazında qalır, o boğula-boğula öskürməyə başlayır.) Həştərxan-Bakı qatarının qəbulu iki saat gecikir. Əlavə məlumat üçün üçüncü perronun birinci mərtəbəsində fəaliyyət göstərən məlumat bürosuna yaxınlaşa bilərsiniz… Diqqət-diqqət…
Məxmirə: (Xasayın kürəyini var gücü ilə döyəcləyə-döyəcləyə) Bunun da bu gic-gic məlumatdarından cana yığıldıq da!.. Səsi özünə xoş gəlib, bədbəxt qızının!.. Neyləsin, oturub o quş damı boyda otağında, dünyadan xəbərsiz... (ağzındakını çeynədiyi yerdə qəfildən qıvrılıb Xasayın yaxasından yapışır, opera səsi ilə oxumağa başlayır) Da-yanı-ı-ın -dayanı-ı-ın!!! (yumurta Xasayın boğazında qalır)
A-yaq saxlayı-ı-ı-n!..
Əgər qüssədirsə alın yazımı-ız,
Onda ləngimədən biz uduzarı-ı-ı-ız...
(Xasay vahimədən bərəlmiş gözlərlə ona baxır. Məxmirə qəfildən ayağa sıçrayır, uzaq boşluqlara şeirlə) Haydı igidlərim, haydı meydana!.. (susur, öz-özünə astadan) Yox, qarışdırdım… bu, “Javanşir”- dəndi... (yadına düşür) Hə!.. (havaya atılır, ehmal addımlarla aradan çıxmaq istəyən Xasayın qabağını kəsir, qulağına sarı əyilərək astadan)
Lorensi, Lorensi, Layerti çağır...
De ki, təhlükədir bu gecə yarı,
Dəniz səyyahını yuxuda görmək...
(Xasay onun əlindən sivişib qaçmaq istəyirsə də, Məxmirə imkan vermir, şeirin ardını Xasayın qulağına birnəfəsə deyir)
De ki, yubammasın, onadır ümid…
Yox, əgər yetməzsə, məhv olar igid!..
(roldan çıxır, nəfəsi təngiyə-təngiyə Xasaya) Hə, necədi?..
Xasay: (boğazına ilişən tikəni zorlu udur, üzrhaqlıqla) Zənnimcə… Əgər səhv eləmirəmsə, dediyiniz bu monoloq Şekspirdəndi. Amma tam Şekspir deyil. Lakin həm də… elə bil Şekspirdi… (çaşqınlıq içində tamaşaçılara baxır.)
Məxmirə: (Xasayın qolundan tutub skamyaya sarı aparır, onu bayaqkı yerinə oturdur. Girdiyi rolun ehtizazından yerində dayana bilmir, fərəh və çılğınlıq dolu baxışlarla ətrafında nə isə axtara-axtara, o yan-bu yana var-gəl edir.) E-eh, hələ bu nədi ki?!.. Vaxt var idi, Cülyettanın monoloqunu deyəndə, bütün zal ağlaşırdı!.. (səhnənin ortasına yeriyir. Xasay onun yenidən nə isə eləcəyini hiss edib ayaqlarını qarnına yığır. Məxmirə başını aşağı salıb bir anlıq susur, qəfildən başını cavan qız üzü ilə qaldırır, cingiltili səslə)
Əzizim Romeo, bil ki, səni mən,
Yuxularımda da belə görürəm...
Əsli nəcabətli, qılınclı-qıvraq,
Atların üstündə dik duran qoçaq!..
Dayəmə demişəm, o qoçaq sənsən!
Bunu kim bilməsə, sən ki, bilirsən?!.. (tamaşa zalının alqış əsələri eşidilir. Məxmirə baş əyir) Sağ olun… çox sağ olun…
Xasay: Axı bu, o deyil?!.. Orda belədir: (ilhamla)
Romeonun yuxuları məni səsləyir…
Mənsə ona sarı yüyürən çocuq… (çaşıb dayanır, xatırlamağa çalışır) …yox, deyəsən mən də qarışdırdım…

Əcaib musiq... İşıq enir. Xasay dik atılıb ehtiyatla ətrafına boylanır. Nəzarətçi səhnənin arxasından çemodanlara zillənib.

Reproduktordan səs: Diqqət! Diqqət!.. (Xasay diksinir, az qalır skamyadan yerə yıxılsın) Vətəndaş sərnişinlər! Perronlarda gigiyenik qaydalara riayət edin!.. Su və limonad şüşələrini, dondurma və konfet kağızlarını perronlarda qoyulmuş xüsusi zibil qutularına atmanız xahiş olunur!.. (elanın ardınca reproduktordan da həmin əcayib musiqi səslənir)
Məxmirə: (çemodandan çıxardığı tüklü yelpiklə üzünü yelləyir, tamaşaçılara) Verdikəri mahnıya bax da!.. (reproduktora sarı bərkdən-bərkdən) Niyabəddiyivüz öz başuvuzda çatdasun elə!.. (tamaşaçılara) Camaat yol üstədi, bu da bunların qanacağı! Bu, lap «Səfillər»in letmotivini xatırlatdı…
Xasay: (gözləri bərələ qalır) Leytmotiv???.. Siz nə danışırsız, o ki, nəsr əsəridi?!..
Məxmirə: (Xasaya məhəl qoymadan, qoca qarı roluna girir, ayağa qalxır, avazla)
Siz ey, küçələrə qonan səfillər!..
Elə bilməyin ki, «dünya» deyilən,
Bir bu göz oxşıyan mənzərələrdi!..
Dünyalar sultanı, şahlar sarayı,
Sizin qəlbinizin beşiyindədi!
(ağzının içində öz-özünə) Ya «deşiyindədi»?.. Vopşim, nə isə… (dikəilb burnunu çəkir, harasa, uzaqlara zillənir, acı kədərlə) E-eh, bu məmləkətdə sənət - uzundraz, yöndəmsiz güldan kimi bir şeydi. (qanıqara) O güldan ki, ayda-ildə bir dəfə gərəyin olur… o da kimsə, hansısa münasibətləsə sənə gül gətirəndə. Qalan vaxtlarsa…(səsi enir, narazı baxışlarla ətrafına baxır) …əl-ayağa dolaşmaqdan savayı ayrı bir işə yaramır…
Reproduktordan naməlum
kişi səsi: Mən sənsiz uçarammı?..
Qol açıb qaçarammı?..
Qanadsız bir quşam mən…
(səs enir) Vağzala qonmuşam mən…
Məxmirə: (duruxur, Xasaya) O kimidi alə, səndün? (Xasay vahimə içində başını
yelləyir) Olsun xəttə radio düşüb.

Perrona, əlində iri bloknot Nəzarətçi daxil olur. Xasay Nəzarətçini görən kimi yerindən sıçrayıb skamyanın arxasında gizlənir.
Nəzarətçi, divardan asılmış cədvəlin qarşısında dayanıb, bir müddət ordan bloknotuna nələrsə qeyd edir, sonra boş relslərin üzərinə əyilib harasa uzaqlara, sonra skamyanın böyür-başına yığılan çemodanlara zillənir.

Nəzarətçi: (ayrı səslə tamaşaçılara) Ayə, bunnar haçağ adam olacax?!.. (guya Məxmirəni indi görür) A bajı, vaxtuuza çox qalıbsa, veş-vüşüüzü saxlama kamerasına təhvil verin! Sizə məsləhətim budu. O qədər bu yerrərdə... (casus baxışları ilə Xasayı süzür) …avara-uvara dolaşır kin...
Məxmirə: (Nəzarətçini tərs-tərs süzür, qoçusayağı) Qoxma, bizimkilərə heç nə olmaz!.. Yiyəsi ölməyib! Bir də vaxta hələ var. (uzaqlara işarəylə) Bizim qatar ode-ey dayanıb orda, pəncərələri qaranlıqdı hələ... (tamaşaçılara, astadan) Belə vələdüznaları gözlərinin içindən tanıyıram da!.. İndi bu nə istəyir, gəl başa düş də!.. Bununkı odu ki, yerə yıxıb (göstərir) ağzını cırasan!
Nəzarətçi: (harasa kənara baxa-baxa gizli narahatçılıqla) Hə-ə, onda demək, olsun kin, sizinki ikinci xətdən yola düşür. (çönüb cədvələ sarı boylanır) Özüdü ki, var: Mesrobabad! (təəccüblə) Amma vaxtııza bir elə də qalmıyıb. Bə niyə minmirsiz?.. Nəyi gözləyirsiz?..
Məxmirə: (skamyanın kürəkliynə yayxanır) Kefimizə belə düşüb! Bir də ki, (ayağa qalxıb qarnını qabağa verə-verə Nəzarətçinin üstünə yeriyir, onun rezin boğazlıqlı xidməti qalstukunun ucundan tutub aşağı dartır və buraxır. Qalstuk Nəzarətçinin boğazına çırpılır.) …tünlüyü sevmirəm qədeş də!.. Qoy, hamı minsin, rahatlansun... (relslərə işarəyələ) Ode-ey, ona bax, gör nə vurhavurdu?.. (vağzal səsləri eşidilir, görünməyən qatara sarı qışqırır) Ay uşağ!.. Nolub, nə xəbər?.. Onsuz da hamınız gedəcəksiz!.. Burda qalan olmayacaq!.. Zalım uşağı, gör nə vay-həşirdədilər e-e!.. Elə gedirlər, elə bil daha geri qayıtmayacaqlar… (Xasayın böyrünü dümsükləyir) Bu saat yerbəyer olub bağlamalarını açıblar uje. (üzünü turşuda-turşuda) Katletin iyi aləmi başına götürüb!.. Püf-püf-püf!.. (tamaşaçılara) Mənim də ki, əzəldən… (Nəzarətçiyə) lap belə bağça vaxtlarından a-a-a, katletdən zindeyi zəhləm gedir də… (qəfildən nə isə xatırlayıb dikəlir, Nəzarətçiyə zillənib astadan) Dayan e… sluçaynı, sən vtaroy paralelnidəki bağçaya getməmisən?..
Nəzarətçi: (tələsik addımlarla uzaqlaşa-uzaqlaşa) Baxın da xanım, özuuz bilən məsləhətdi. Amma çox da ləngimiyin. Buralarda vaxt yaman tez ötür. (çıxhaçıxda qəfildən ayaq saxlayır, geriyə çönüb Məxmirəyə) Bağça da kin… mən çox bağçalarda olmuşam. (qəfildən xof dolu oynaq səslə oxuyur) Hara baxsan, gül-çiçəkdir, bağça-bağdı-ı-ı-ır bəh-bəh!.. (səhnədən çıxırsa da, pərdənin arxısından boylanaraq, mahnının ardını oxuyur) Qəşəngdir, bəh-bəh, gözəldir bəh-bəh!.. (gözdən itir)
Məxmirə: (Nəzarətçinin ardınca baxa-baxa) Bunun başı xarabmış ki?.. (fikirli halda Xasaya) Bu kişini mən hardan tanıyıram?.. Amma heç cür yadıma sala bilmirəm də hardan…
Xasay: (Nəzarətçinin ardınxa baxa-baxa, xoflu) Bu vağzal nəzarətçiləri adamı görən kimi elə nə isə istəyirlər. (ah çəkir) Dəhşətdi dəhşət…
Məxmirə: (qəfildən botsmansayağı hırıtıyla Xasayın kürəyindən necə ilişdirirsə, o biri az qalır üzü üstə yerə yıxılsın) Mənim adamımsan! Diyirəm axı, niyə o dəyqə quşum qondu sənə?..
Xasay: (xoflu) Quş?.. Siz «quş» dediniz?..
Məxmirə: (yumurta soya-soya) Alə, məcazdı da, məcaz!.. (soyduğu növbəti yumurtanı Xasayın ovcuna basır, tamaşaçılara) Vağzaldı, qatardı, bularınkı yumurtadı!.. Nə isitməy lazımdı, nə də katlet kimi iyi aləmi bürüyür... (qəfildən nə isə yadına düşür, üzü işıqlanır, dolu ovurdlarla xəyala dalır) Bax, günlərin bir güni eynilə beləcə, rəhmətdiy Mustafa bəynən yumurta yimişəm. O da yumurtanı bax, toçnı belə soyurdı, mənə: «ye, qızım, utanma…» - deyirdi… Mən onda… (tikəsi boğazında qalır, çeçəyə-çeçəyə öskürür deyə, dedikləri anlaşılmır) … bax, onda da eynilə beləcə… eyni ilə bu cür… (qəfildən harasa, yuxaı) Allah sənə rəhmət eləsin, müəllim!.. (bağlamadan ayrı yumurta çıxarıb sındırır skamyanın taxtasına vura-vura) Bığlarını da... (göstərir) …bax belə eşirdi. Barmaqları da... Ay allah!.. Elə bil qız barmaqlarıydı!.. İncə, zərif... Dedi mənə ki, (müəllim təbiri ilə) “qızım, nə oxuya bilərsən?» (yazıq-yazıq) Nəcib insan idi, rəhmətlik. Hər sözi brilyant idi, brilyant!.. Dedim: «Bildiyimiı oxuyum, məllim?..” Dedi: ”Oxu.” Mən də... (qəfildən əlindəki yumurtanı bağlamaya atıb ayağa qalxır, əllərini 50-ci illərin müğənniləri kimi ovuc-ovuca daraqlayıb opera səsiylə oxumağa başlayır.)
Atamızdır, anamızdır Rizayev! Rizayev!
Şanlı, böyük, doğma, əziz Rizayev! Rizayev!
Xasay: (dolu ovurdlarla mat-məəttəl Məxmirəyə baxır) Rizayev kimdi?..
Məxmirə: (burnunu çəkir, keçib yerinə oturur, bağlamasını dizlərinin üstə qoyur) Rəhmətlik Əşrəf müəllim… Treti paralelnidəki detdomun müdiri. Allah rəhmət eləisin, yaxşı kişiydi. Bisavad olanda, nolar? Bax, o rəhmətlik də insan adam idi. Bizi, nolur-olsun a, ac qoymazdı. Heç nə də olmayanda, mannını tavaya atıb bir qovurtdurardı, bir qovurtdurardı, ətrinnən ürəyimiz xarab olardı... (yerini rahatlayır) E-eh, ötən günə gün çatmaz… (Xasaya) İndi hələ nə oxudum ki?.. İndi daha əvvəlki kimi oxuya bilmirəm. (yumurtadan dişləyib yeyə-yeyə xəyala dalır) Amma onda… Onda istəsəydim, lap opera müğənnisi olardım. Əslinə qalanda, mən elə opera müğənnisi olmaq istəyirdim axı?!.. (qəfildən ayağa sıçrayır, ha tərəfindənsə sivirib çıxardığı tüklü yelpiyi ilə üzünü bağlayıb səhnə boyu Karmensayağı ədalarla gəzişə-gəzişə oxumağa başlayır. Onu müşayət edən möhtəşəm simfonik orkestrin musiqisi eşidilir. Xasay çaşqınlıqdan skamyadan yerə yıxılır.) Minyobassorino-o-o telbassa!…
Santa Mariya sorronto-o-o!..
Suekostra-a-a!.. Suekostra-a-a!
Dure massa!!!

Məxmirə oxuduqca coşur, çemodanların hansındansa çıxardığı uzunətəkli Karmen yubkasını əyninə taxıb səhnə boyu hərlənə-hərlənə gözəl ispan rəqsi ifa edir, ifanın sonunda göyə atılıb şpaqat vəziyyətdə döşəməyə oturur. Xasay və cədvəlin arxa tərəfində gizlənmiş Nəzarətçi onu heyrət içində müşahidə edirlər. Məxmirənin ariyasını hardansa uzaqdan eşidilməyə başlayan qatarın əcayib fiti pozur.
Xasay «qatarın» ardınca baxır.

Məxmirə: (ayağa qalxıb qalib addımlarla Xasaya yaxınlaşır, tövşüyə-tövşüyə) Səninkidi?.. (Xasay başını aşağı salıb susur) Heç demirsən, ha tərəfə gedirsən, inşaallah?..
Xasay: (qatarın ardınca baxa-baxa, kədərlə) Onu bir Allah bilir…
Məxmirə: (əlini dostyana Xasayın çiyninə qoyub skamyaya sarı aparır, mərhəmətlə) Deyəsən axı, sən də mənim kimi… ömürlük gedirsən?

Vagzal saatı zəngini çalır. Hər ikisi dik atılıb saata baxırlar.

Məxmirə: Vaxtın tamamına az qalıb... (çevrilib harasa arxaya, kədərlə) Əlvida ey vətən, ey gözləl diyar!.. (tamaşaçılara, işgüzar) Eybi yo-ox, qoy gedim çatım… Onda görəllər kimdi Qəndablı Məxmirə!.. Heç eybi yox!.. Onda bilərlər kimi verdilər əldən!.. (qəfildən ayrı səslə tamaşaçılara) Siz elə bilirsüz, mənə teatr lazımdı?.. Elə bilirsiz, mən nədi, məşhur olmaqdan ötrü sino gedirəm?.. (susur, qəfildən üzü dəyişir, tamamilə ayrı səslə) Əslində… (musiqi) Axı əslində, mən dəllək olmağ istəyirdim?!.. (üzü işıqşlanır) Olmaq istəyirdim deyəndə ki, mənim kimi saçkəsən vardı ki?.. (əlindəki görünməz qayçıyla havanı doğraya-doğraya) Birinə «rod-boks», o birinə - «vengerka»… Balacalarınkı nulyovkaydı… beşcə dəqiqənin içində qırx qoy yerə, vəssalam!.. (əlini Xasayın başına atır, dediklərini onun başında göstərir. Xasay duruxur, çaşqın üzlə Məxmirənin hərəkətlərini izləyir) Burdan çubçik, yerdə qalanı ülgücnən!.. (kiminsə dalından təpik vuran tək) Xoş getdün!.. Superi özümünki idi!.. «Məxmiri!» Özüm fikirləşib tapmışdım!.. (Xasayın başında göstərir) Burdan çolka, daldan naços!.. Alayi şey idi!.. (ayrı səslə tamaşaçılara) E-eh, vıxadnoylar qapımda bir oçered yığılırdı, bir vay-həşir qopurdu, gəl, görəsən!.. (rəhmdil) Camaat-qaragün nə gündəydi ki, hələ bir dəlləyə də gedəydilər?!.. Müharibə bir yandan, acdığ o tərəfdən… Odu ki, duran-duran cumurdu bizə!.. (yamsılayır) Ay Məxi, can Məxi!.. Məndə də ki, otkaz diyilən şey yoxdu da!.. Qayçı əlimdən düşmürdü ki?!.. Kəs ki, kəsəsən! Evimiz balış-balış tüknən dolurdu… Çuvala yığıb meşok-meşok divarın dibinə düzürdük. (Xasay əsəbi halda qollarını qoltuğuna vurur, eynəyini düzəldib Məxmirəyə baxır) Nənəm rəhmətlik, Allah ölənlərinizə rəhmət eləsin, həvəsi gələndə, o tükdən bir mütəkkələr tutardı, gəl görəsən. Çoxunu sonradan tetatra verdim… zər-xradan üz çəkib saray səhnələrində xalçaların üstünə düzürdülər… (qəfildən səsi enir) E-eh, yaman da bildilər qədrimi…
Xasay: (müəllim təbiri ilə) İndi siz demək istəyirsiniz ki, bərbər işləmisiniz? (tamaşaçılara) Daha mənim sizə sözüm yoxdu.
Məxmirə: (Xasaya məhəl qoymadan) …E-eh, yaxşı günnər idi!.. Pul yox, ürək tox!.. Elə onu bilirdin, əlinə keçəni qazana atıb soğanbozbaşıdan, əriştədən bişirirdin, qonum-qonşunu başına yığıb, (şirin xəyallara dalır) qarmonun qayışını çiyninə atıb… bir dənə «Keçiməməsi!» (oyun havasını ağzında çala-çala, əlindəki «qarmonu» işə salır.)

Qəfildən əl atıb hansı bağlamadansa çıxardığı qarmonu sinəsinə sıxır və çala-çala oturduğu yerdə oynamağa başlayır. Oynaq qarmon musiqisi eşidilir. Xasay təəccüb içində onun hərəkətlərini izləyir.
Nəzarətçi işıq dirəklərinin arxasından bərəlmiş gözlərlə onları müşahidə edir.
Hardansa, yaxın yollardan sürətlə ötüşən qatar səsi musiqini kəsir.

Məxmirə: (qarmonun qayışını çiynindən çıxarır, qanıqara) Qoydular ki?.. Vergi müfəttişlərini deyirəm... Darmoyedləri!.. (çönüb uzaq boşluqlara) Ay sizi müfəttişsiz qalasız elə!.. Necə ki, elə qaldız!.. (tamaşaçılara) Üstünnən heç bir həftə keçməmişdi, kəsdirdilər qapımızın ağzını ki, düşün tasa!.. Anam-yazıq döyüb öldürdi özüni ki, «vallah-billah bu adamlar kliyent deyillər, qonum-qonşu, əqrəbadı.» Kimə deyirsən?.. «Bu tifil… - yazığ arvad deyib ağlıyırdı - samouçkadı. Elə-belə baş qatır özüyçün…» Eşidən kimdi?.. Qansız imansızlar!
Xasay: (ehtiyatla) Amma axı sizin təhsiliniz... Gərək ki, siz… əgər səhv eləmirəmsə, sonradan siz İncəsənət institutunu bitirdiniz axı, yox?.. Sizin tərcümeyi halınızda da yazılmışdı… Milli ensiklopediyada oxumuşdum…
Məxmirə: Nə təhsil, alə?.. Bunlara təhsil lazımdı?.. Bir də təhsili O Özü versin!.. O da, bilirsən də… o biliyi Özü bilir kimə verir. İstədiyinə verir, istəmədi ya, istəyirsən belə dünyanın bütün institutlarını bitir, verməz! O məktəbdi, institutdı, bunların verdiyi bilik döyül ki?!.. Onlar yazıb-oxumağı öyrədir. (skamyanın kürəkliyinə yayxanır) Bir də var - talant!..
Xasay: Onu tamamilə düz deyirsiz. Mən bunu həmişə demişəm: yazıçılığın, şairliyin, elə aktrisalığın da institutu yoxdur. O gərək insanın içindən gələ. Bu…
Məxmirə: (Xasayla paralel) Talant alayı məsələdi! Hər sahədə özünü biruzə verir!.. (dəyişir, işgüzar ədayla) Məsəl üçün biri o gün gəlmişdi. Tərslikdən, mal vuran günü. (tamaşaçılara) Mənim bəxtim budı da!.. Dükan boş olar, bir köpək oğlu qapını açmaz. Elə bil «Məxi-market» adında dükan yoxdu bu dünyada. Elə ki, mal vuruldu, kəsdirərlər qapının ağzını ki, «Salam əleyküm, gəlmişik!..» İy bilir zalım uşağı da! (içini çəkib ciddiləşir) Nə isə gəldilər, nə gəldilər!.. Mən də, birinci dəfə döyül ki, Allaha şükür, ədəb-ərkannan… (ayağa qalxıb kimisə qarşılayan tək, kişisayağı yerişlə yeriyir) kak palojeno, qarşıladım. Xoş-beş… (kimlərləsə kişisayağı əl verib görüşür, sonra tamaşaçılara) Tay bu işdə, Allaha şükür, ruslar demişkən:«Na etom dele sabaku syeli…» Özü də, əclaf altı ay bundan əvvəl gəlmişdi ya-a yoxlamaya!.. Ağzında şirə qaldı də. Nə isə, sözüm onda yox, maskovski kişkavoyun şıdırğı gedən vaxtıdı, mən də, eləmə tənbəllik, iki refrejerator vurdurmuşam a-a!.. Çaxırım da vardı, nə yaxşı, onu aformit eləməmişdim. Uzun sözün qısası, bəydadaş gəldi, nə gəldi!.. Üç nəfər də belində! (Xasay nə isə demək istəyirsə də, imkan vermir) Tut je uşağları göndərdim «Dəvədabanı»-na!
Xasay: (gözləri bərələ qalır) Dəvəda…
Məxmirə: (Xasayın sözünü ağzında qoyur) …Yerün məlum, bi dənə dəvə kababı verilrər orda, adam onu yeyəndə belə…(qarnını titrədir) …qarnı titriyir!
Xasay: (dikəlib oturur, təəccüblə) Bəyəm bizdə dəvə olur?..
Məxmirə: (tamaşaçılara) Bu lap aydan düşüb ki?!.. (hırıltıyla Xasaya) Sən denən bizdə nə olmur?.. (tamaşaçılara) Srağagün uşaqlar bir dənə delfin qutabı bişirtdirmişdilər?!.. Bay-bay-bay!.. Xalis çim yağ!..
Xasay: (vahimə içində) Delfin???..
Məxmirə: (Xasaya məhəl qoymadan, tamaşaçılara) …Hacıleylək yumurtasından bir dənə kükü düzəldirlər orda?!.. Pah-pah!.. Əfsanədi, əfsanə!.. (qəfildən susur, gözləri yol çəkir, kədərlə tamaşaçılara) …O nankor adam olsaydı, mənim səhnədə nə azarım vardı?.. (yazıqlaşır) Oturardım hamı kimi xanım-xatın evimdə, dolmamı pükərdim, uşağlarımı çimizdirərdim. O cürə kukla kimi qız idim…

Nəzarətçi görünür.

Reroduktordan səs: Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! Baqajlarını skamyaların üstünə səliqəsiz halda atıb başları söhbətə qarışan bəzi-bəzi sərnişinlərdən xahiş olunur, təcili surətdə perronları tərk etsinlər! Profilaktik sanitar tədbirləri keçirilir! (qəfildən qəmzə ilə) Mənnən demək. (ardınca asta zümzümə edir) Sənə qurban, hacı, o dedi «yox», «yox», «yox», «yox»…
Məxmirə: (reproduktora) Külü qoyum ağluva!.. (tamaşaçılara) Bunun da gözü məni tutub e. Məşhur olmağın belə zibilləri var da!..

Nəzarətçi irəli yeriyir, bir əli ilə ən iri çemodanın dəstəyindən, o biri əli ilə Xasayın kürəkliyindən yapışıb havaya qaldırır, aparmaq istəyəndə, Məxmirə qabağını kəsir.

Nəzarətçi: (xidməti nəzakətlə) Yol verin, vətəndaş sərnişin!
Məxmirə: (kişisayaq) Stop alə!.. Nə xəbər?..
Nəzarətsi: (ciddi) Dezinfeksiya!.. (reproduktora işarəylə) Eşitmədü-üz?..
Məxmirə: (əllərini belinə vurub Nəzarətçinin üstünə yeriyir) Yerinə qoy ikisini də!.. Deyirəm, yerinə qoy!..
Nəzarətçi: (bir əlində çemodan, o biri əlində Xasay, geriyə səndələyir) Xanım, indicə öz qulağlarınızla eşitmədiniz nə dedilər?.. Balam, tifə yoluxmağ istiyirsüz?..
Məxmirə: (əlləri belində Nəzarətçinin üstünə yeriyir, yaxasından yapışıb zəhmli səslə) Bura bax, çuqquş!.. Deyəsən üzüvə yaxşı baxdım, özüvi itirdün a-a!.. Görürəm, yaman canfəşanlıq eliyirsən a-a, buralarda!.. Deyəsən, qara qızın dərdi var axı?!.. Yoxsa, quyruğun qapı arasında qalıb, hə?..
Nəzarətçi: (diksinib özünü yığışdırır, çaşqın) Quyruq?.. (çiyninin üstündən qanrılıb arxrsına baxır) Hansı quyruq?..
Məxmirə: Özüvü gicliyiə qoyma, alə!.. (qəfildən sərt) Əlündəkiləri yerə qoy deyirəm, haramzada! Yoxsa…
Nəzarətçi: (nə Xasayı, nə də çemodanları əlindən buraxmır, qəfildən üzü də, səsi də dəyişir, məkrlə) Yoxsa - nə?..
Məxmirə: Yoxsa, başuva bir oyun açaram, böyük tikən qulağun boyda olar!..
Nəzarətçi: (burnunu eynilə Məxmirə kimi çəkir) Xox!.. Qorxdum!
Məxmirə: Qorxmursan, hə? İndi kişisən, əlindəkiləri yerə qoyma!

Nəzarətçi çemodanla Xasayı bir az da yuxarı qaldırır. Məxmirə Nəzarətçinin yaxasından yapışıb var gücü ilə silkələyir. Nəzarətçi silkələnmədən əlindəki çemodanı və Xasayı yerə salır. Xasay üzü üstə yerə düşüb bir müddət hərəkətsiz qalır.

Nəzarətçi: (geriyə səndələyə-səndələyə Xasayı göstərir) Ay xanım, öldürdüz ki, yetimi?!..
Məxmirə: (geriyə qanrılıb Xasayı görür) Ay aman?!!.. (özünü onun yanına atır, dizi üstə düşürb başını qucağına alır, Nəzarətçiyə) Gördün, neylədin, ay qurumsaq?!.. (Xasaya) Xasay, sənə noldu, ay Xasay?.. (doluxsunmuş halda tamaşaçılara) Kömək eləyin… O ölür… (qəfildən uzaqlara) Ay ca-maat!!!.. Kömək eləyin!!.. (Məxmirənin hay-harayından təşfişə düşən Nəzarətçi o yan-bu yana vurnuxur) Bu nə işdi gətirdilər başımıza, ay Allah?!.. Nəzarətçi: (astadan) Bağırma, ləçər!.. (ehtiyatla o yan-bu yanına baxa-baxa) İti-qurdu başımıza yığma! Haqq-hesabımızı öz aramızda çürüdərik!.. (aradan çıxır)
Məxmirə: (Xasayın cansız başını sinəsinə sıxır, ağlamsınır) Belə də müsibət olar?!.. (tamaşaçılara) Durduğumuz, dayandığımız yerdə... Axı biz kimə mane oluruq?!..
Reproduktordan qalın kişi səs: Vətəndaş sərnişinlər! Hay-küy salmaqla iş aşmaz! Əşyalarınızı yığışdırıb… (qəfildən sərt) …basın burdan bayıra!!!
Məxmirə: (qəfildən ayılır, reproduktora) Belə oldu, hə?.. Yaxşı, görün indi başınıza nə oyun açıram!.. (Xasayın başını ehtyatla yerə qoyub ayağa sıçrayır, Nəzarətçinin ardınca qışqırır) Ay uşağ, tutun onu!!! Qoymuyun, ay camaat!!.. (Xasaya) Döz bir az, qadası, indi gəlirəm. (Xasayın nəbzini yoxlayır, özü-özünə) Vurur hələ… (tələsik hərəkətlərlə çemodanların birindən çıxardığı yalançı qandallarla Xasayın bir qolunu skamyaya bağlayır ayağa qalxıb Nəzarətçinin ardınca gedə-gedə Xasaya) Sən mənim canım, ölmə… (uzunətəkli yubkası ayaqlarına dolaşa-dolaşa Nəzarətçinin ardınca götürülür) Adə, tutun onu!!.. Kriminal köpəyoğlu!!! (qaça-qaça Xasaya sarı) Ölmə, gəlirəm indi!.. Eşidirsə-ən?.. (çıxır, səsinin əks-sədası perronun o biri tərəfindən eşidilir) Ölmə-ə-ə!!!.. (perrona qaranlıq çökür.)

Reproduktordan
həmin kişi səsi: …ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır…

BİRİNCİ HİSSƏNİN SONU

İKİNCİ HİSSƏ

Həmin məkan. Qatar çarxlarının ləng uğultusu sərnişinlərin səslərinə qarışıb. Ara-sıra hardansa uzaqdan təcili yardım maşınının sirenası eşidilir.

Reproduktordan kişi səsi: (yorğun, ləng avazla) Diqqət… Diqqət… Ay camaat, bir səbrüüz olsun… Səbr - Allahın adıdı...
Kişi səsi: (həmin ləng avazla) A bala… bura haradı?..
Yaşlı qadın səsi: (yorğun-yorğun) Ay oğul… bura ayradromdu?..
Cavan oğlan səsi: (ləng) Ay xala, ayradrom nədi?.. Bura vağzaldı-vağzal… Qatarların yola düşdüyü yer…
Ayrı qadın səsi: (ləng-ləng) Bu, poyezddi-poyezd. Nə qədər yükün var, pulsuz aparır…
Cavan qız səsi: (yorğun) Kifayət, ay Kifayət, balonnar girmir axı, bura?!..
Uşaq səsi: (yazıq-yazıq) Ata, qatar fit verəcək?.. İndi verəcək?.. Mama, ay mama, qatarın fiti var?..

Şillə səsi, uşaq ağlamağı eşidilir. Nələrsə aşıb ləng gurumbultuyla yerə tökülür...

Qarı səsi: (ləng) Ay səni zəlil olasan elə... (səsi enir) Ayağı dəmirdəndi zalamın...
Cavan oğlan səsi: (həmin ləngliklə) Ay xala, əzdün ki, hamısını?!.. Görürsən ki, bir-bir yığmışam. Özün görürsən də-ə…
Reproduktordan yorğun səs: (həmin qaydada) Diqqət-diqqət… Ay camaat, tələsmiyin… Nolub, nə xəbər?.. Onsuz da hamuvuz gedəceksüz. Çətini, yola düşməkdi. (xırıltılı öskürəklə öskürür, səsi bir qədər də enir) Diqqətüüzə görə sağ olun. (mikrafonun xırıltısı eşidilir.)

Səhnə aydınlaşır. Xasay skamyanın yanında yerdə oturub, qolundakı qandalı açmağa çalışır. Məxmirə döyüşdən qayıdan əsgər yerişi ilə səhnəyə daxil olur, özü ilə gətirib gəldiyi su şüşələrindən birini açıb suyunu ovurdlarına doldurur, Xasayın üzünə üfürür. Xasay dik atılıb büzüşür.

Məxmirə: (arxaya baxa-baxa) Görüm ciyərün yansun elə!.. (dizi üstə düşüb suyun qalanını Xasaya içirdir) Yavaş iç, çeçiyərsən. Ölmüşdi Məxi!..

Xasay qəfildən su şüşəsini Məxmirədən alıb acgözlüklə başına çəkir.

Məxmirə: (tamaşaçılara) Ciyəri yanırmış fağırın... (dərdli-dərdli) Bu boyda məmləkətdə bir dənə sənət xiridarı tapdım, o da bu gündə.
Xasay: (qandallara işarəylə) Mümkünsə… bunları aça bilərsiniz?..
Məxmirə: (Xasayı eşitmir, içini çəkir) E- eh gidi dünya... (kədərlə) …sənnən tay kimlər keçib-getmədi?.. Nə günlərə qoydun bizləri sən?.. Ora-bura səpilən sərçələr kimi birimizə isti yuva, o birimizə… (susur, üzü dəyişir) …amansız küləkli, qupqurı çöllüklər verdin. Amma səni təzə-təzə tanımağa başlayanda adama günəş kimi, çəpçəhrayı, qoğal kimi yupyumşaq gəlirdin... (səsi enir) İllər ötdükcə, əsl üzünü göstərdin bizlərə!.. Darısqal dalannarına salıb dolaşdırdın, azdırdın bizləri qaranlıqlarında… Özündə qollarını qoltuğuna vurub hey müşahidə elədün bizləri!.. (susur, Xasaya) Necədi?.. (cavab gözləmədən, burnunu çəkib qürurla tamaşaçılara) Axırıncı pyesimnəndi. Bu dünyanın əzib, sındırıb eybəcər günə saldığı, qabağından yeməyən dispeççer-qadının manaloqunnandı!.. (Xasay qolundakı qandalları dişi ilə açmağa çalışır. Məxmirə fikri ayrı yerdə, Xasayı dümsükləyir) Mənim də arada bir əsər yazmağım var axı?!.. (tamaşaçılara) Vapşe unikal adamam da mən. Yaradıcı fərd!.. (qəfildən coşur) Bax, bir də gördün, kefimə düşdü, əntiqə bir mahnı bəstələdim. Axırıncı uvertüramı dövlət xor kapellası oxuyur. (boğazını arıtlayıb ucadan qalın basla oxuyur.)
Və-tə-ən!!.. A-na vətə-ən!!.. (Xasay vurnuxmasını saxlayıb heyrət içində ona tamaşa edir)
Səninlə fəxr edir hər bir övladı-ı-ın…
Səninlə öyünür qardaşın bacı-ı-ın… (qəfildən susur) …Ya da bir də gördün, başıma düşdü, oturub bir dənə pyes yazdım. Keçən ay oturduğum yerdə, ikicə günə ya-a, bir dənə faciə yazdım… Dənizçilər klubunda oxuyanda, bütün zal ağlaşdı!..
Xasay: (birqollu vurnuxa-vurnuxa qandallardan azad olmağa çalışır, yazıq səslə Məxmirəyə) Məni azad edin… sizdən atıq dərəcədə xahiş edirəm.
Məxmirə: (axır ki, Xasayı eşidir) Bir səbrün olsun, balam da!.. Altıaylığ döyülsən ki?!.. Tələsmə, qoy hələ bir görək nolur, nə baş verir. Özün görürsən ki, bura elə belə yer döyül. Dəyqədə bir hoqqa çıxır. (ehtiyatla o yan-bu yanına baxır) Onu istiyirsən, götürüb aparsınlar səni?.. (cib telefonu zəng çalır) Diyan görüm, bu kimdi… (telefonu qayışının ha tərəfindənsə çəkib çıxara-çıxara) Şoğərib a!.. (düyməsini basır, rəsmi) Məxmirə Qəndabova. (üzü dəyişir, nazla) O-o-o!.. Mixal Mixalıç?!.. Rada, rada vas slışat. Da-da-da, kaneşna-kaneşna... (əli ilə telefonun mikrofonunu tutur, Xasaya tələsik) Qosdumadandı... (yenidən telefona, bayaqkı nazla) Da-da!.. Da nu şto vı?.. (dəstəyi əli ilə bağlayıb tələsik Xasaya) Deyir:«Şərəfləndirdin bizi səsinlə!» (tamaşaçılara) Vot pajalusta! Elə-belə demirlər e, «Böyük rus xalqı!» Böyükdü balam də-ə! (telefona) Da-da, ya vsya vo vnimanii! (nə eşidirsə, əriyir) Spasibo, sbasibo Mixal Mixalıç. (üzü ciddiləşir) Nu kaneşno, vsyo şto vı skazali! (gülümsünür) Nu-u, abijaete. Kak je bez neqo to?.. Nu eto je simvol naşey nerazruşimoy drujbı?!.. Nu da!.. (telefonun ağzını tutub kənara) Qarnuva şiş batsın elə! Adam nə qədər ikra tıxar?.. (yenə telefona nazla) Da vı qatovte publiku! Edet sama Maxmira!.. (qalibiyyət qəhqəhəsi ilə gülür) Nu ladno, ladno. Vseqo-xoroşeqo, vseqo-vseqo. (telefonun düyməsini basıb qələbə dolu səslə) Bu da yadların Məxmirəyə verdiyi qiymət!.. (telefonu qayışının cibliyinə basır)
Xasay: (qandallara işarəylə) Yaman sıxır. Deyirəm, bəlkə bir az boşaldasınız?
Məxmirə: Qolundakını deyirsən?.. A - a-a, bu… (uğunur) …bu nastayaşşi döyül ki?.. Bilirsən hansı tamaşadandı?.. «Casus»-dan. (tamaşasılara) Na vsyakiy slıçay özümnən götürdüm, dedim uzaq yola çıxıram, Çeçenistan-filan, bir də gördün, lazımım oldu. Çort çem ni şutit!.. (qəfildən Xasayın böyrünə dürtmə ilişdirir, sevinclə) Eşitdün alə, Moskvaynan danışırdım e, eşitdün?..
Xasay: (Məxmirəni eşitmir, kədərlə boşluqlara)
Mən bir kor qartal idim
Yuvamdan uçurdular,
Vətənimə qayıtdım.
Qanadımı qırdılar… (boş əli ilə üzünü tutub səssizcə ağlayır, sonra başı heysiz halda skamyanın söykənəcəyinə düşüb qalır)
Məxmirə: A-a?.. (Xasayı silkələyir) Xasay!.. (yazıq-yazıq) Noldu sənə, qadası?.. (səsi enir) Ay mənim başım batsın!.. (həyəcanla uzaqlara) Həkim!.. Ay həkim!!!.. (qışqıra-qışqıra ayağa qalxır, qaça-qaça səhnədən çıxır.)

Məxmirənin çıxmağıyla Nəzarətçinin peyda olmağı bir olur. O, qəribə bir uçuşla Xasayın üstünə şığıyıb onun qolundan yapışır. Xasay dərhal özünə gəlir.

Nəzarətçi: (astadan, yandırıcı məkrlə) Axır keçdin əlimə, vələdüzna?!.. Daha bu dəfə heç hara qaça bilməyəcəksən!.. Yazığım da gəlməyəcək daha sənə! Yığmısan hamını bu vağzalda boğaza! (başıyla harasa yuxarılara işarə edir) İndi orda ağlını gətirərlər başına!..
Xasay: (yazıq-yazıq) Məndən nə istəyirsiz?.. Mənim ki, heç kimlə işim yoxdu. Bu bircə qarış yeri də çox görürsüz mənə?..
Məxmirə: (əlində dərman, təlaş içində perrona daxil olur, Nəzarətçini görüb bağrır) Adə, sən genə gəldün?.. (hücum çəkib onu Xasaydan kənara itələyir, güləşçi ədasıyla üstünə yeriyir) A bala, sən kimsən, nə karəsən, başa düşə bilmirəm, nə istiyirsən bu yazığdan?.. Nə verməsən bu başıbatmışa, ala bilmirsən? Görürsən ki, onsuz da ölür öz gününə! Elə ayağ üstə dayandığı yerdə ölür ki, bədbəxt?!.. Özün görürsən də-ə!..
Nəzarətçi: (geriyə səndələyirsə də, özünü ələ alır, süni rəsmiyyətlə) Ay xanım, niyə bu qədər hay-küy salırsız?.. (qəfildən əsəbi) Bilmədiyiniz işlərə qarışırsız!.. Vağzal asayişinin qorunmasına maneəçilik törədirsiz!
Məxmirə: (sərt) Özünü giciyə vurma, gədə!.. (yamsılayır) Vağzal asayişi!.. Asayişgözləyən olub mənimçün!.. (qarnını qabağa verib Nəzarətçinin üstünə yeriyir) De görüm, bu yetimnən nə istəyirsən!
Nəzarətçi: (dəyişir, ehtiyatla) Ay xanım, siz kimsiz axı, mən başa düşə bilmirəm?..
Məxmirə: Mən kiməm?.. (tamaşaçılara) İnsanda həyasızlığın dərəcəsinə bax da!.. Mən buna deməkdən kin, «a balam, sən kimsən kin, oturduğumuz yerdə keçmisən xirtdəyimizə kin, «asayiş belə gəldi, dezinfeksiya belə getdi», imkan verimirsən ağzımızdakı sözü axıra çatdıraq», bu mənə deyir!.. (Nəzarətçinin qarnına yumruq vura-vura, kişisayağı) Deyəsən, məni tanımadun a, qədeş?!.. (qəfildən əl atıb Nəzarətçinin yaxasından yapışıb silkələyir) Məni tanımırsan, alə?..
Nəzarətçi: ( başını xoflu-xoflu yelləyir) Yo-ox…
Məxmirə: (Nəzarətçinin yaxasından tutub özünə sarı çəkir) Denən, «sən öl tanımıram?»
Nəzarətçi: (duruxur) Özüm ölüm, tanımıram. Amma, belə… (Məxmirəni başdan-ayağa süzür) …kiməsə oxşadıram da…
Məxmirə: (Nəzarətçinin yaxasını buraxıb astadan qulağına) Bax, kişi sözü verirəm: düzüni desən a, işim olmayacaq səninlə. (öz yanağına vurur) Bu ölsün, düz sözümdü!
Nəzarətçi: (kəkələyir) N-n-nəyin d-düzünü?..
Məxmirə: (bir qədər astadan) Bu kişidən nə istədiyinin düzünü. (işıq dirəyinə işarə ilə) Bax, o işığa and olsun ki, işim olmayacaq.
Nəzarətçi: (işıq dirəyinə baxa-baxa, üst-başını sahmana salır) Ay xanım, dedim axı sizə. Mənə onun sənədləri lazımdır. Sərnişinlərin sənədlərini yoxlamaq mənim xidməti borcumdu, xanım.
Məxmirə: (üzünü turşudur) Xidməti borc?.. (tamaşaçılara) Bu nə danışır, sən mənim canım?..
Nəzarətçi: (yanağına şapalaq vurur) Bu ölsün, düz sözümdü. İndi iraq-iraq, rəisdən-zaddan gəlib çıxsa ya buralara, səən caançun, məni haman dəyqə iti qovan kimi qovar işdən!..
Məxmirə: Pa atonnan!.. Yaxşı ki, rəisdən-zaddan olmamısan. Yoxsa, buralarda uçurmadığun dam qalmazdı! İndi bu fıştırığ boyda vağzalı sənə tapşırıblar deyə, camaatın gününü qara eləyəcksən? Bu yer atonnan qalıb?.. (Nəzarətçi nə isə demək istəyirsə də, imkan vermir) Yox e, deginən, biz də bilək balam, də!..
Nəzarətçi: (Məxmirənin qouna girib onu kənara çəkir, astadan) Siz bilmirsiz, xanım. (Xasaya sarı baxır. Xasay qolundakı qandalı didişdirir.) Bizsə onu tanıyırıq. O, bu vağzalın daimi sakinidi. Gecəsi-gündüzü buralarda keçir. Halbuki… hərçənd ki…
Məxmirə: (sözünü kəsir) Hə, nolsun ki?.. Bəlkə işi var, adam gözləyir. Kürəyündə oturub?.. (hər ikisi çönüb Xasaya baxırlar. Xasay onların baxışından dik atılıb günahkar halda başını aşağı salır)
Nəzarətçi: (astadan) O sizə elə gəlir. O, heç kəsi gözləyib eləmir. Onun heç kimi yoxdu!... (pıçıltı ilə) Bu adam bomjdu!..
Məxmirə: Bomjdu?.. (çönüb Xasaya baxır, içini çəkir) Nə danışırsan?..
Nəzarətçi: (Xasaya baxa-baxa, təəssüflə içini çəkir) Dünyanın işləri belədi də. Amma bir vaxtlar böyük vəzifələrdə işləyib bədbəxt. Bir yeşik orden-medalı var… (səsi dəyişir) İndi də…(mənalı-mənalı gülümsəyə-gülümsəyə susur)
Məxmirə: Nə, indi də nə?
Nəzarətçi: (qımışır) Dəyib də uje...
Məxmirə: (qaş-qabağını tökür) O nə deməkdi?..
Nəzarətçi: Yəni ki… (başıyla harasa, arxaya işarə edə-edə) …vaxtı çatıb da uje… (Məxmirə çaşqın halda ona baxır) Anlamadız?.. (tamaşaçılara məmnunluqla) Belə məqamlar tay orden-medallar da kara gəlmir…
Məxmirə: (təəccüblə) Medallar?.. (Xasaya baxa-baxa) Bunun medalları da var?..
Nəzarətçi: Bir yeşik!.. (tamaşaçılara) Pa atennən!.. Deyirəm, bu da xalqa xidmətin axırı!.. O qədər külüng çal, axırda da Tolstoy kimi gəl, çıx vağzala kin, bəs o söz…
Məxmirə: (Xasaya baxa-baxa) Külüng?.. Nefçi olub?..
Nəzarətçi: Neftçi olseydi, nə vardı ki?! (tamaşaçılara) Göndərərdiy indi onu Neft daşlarına, borudan-zaddan tapıb qurdalanardı orda öziyçün. (Xasaya baxır, ah çəkir) Yazıçı olub bədbəxt. Oxxartana da kitab yazıb ki, indi ha simişka büküb satıllar, qurtarmaq bilmir. Onun o trilogiyası var e… Adı da bir təhər idi ye… (yadına salmağa çalışır) Tək bir dənə ona əlli ton simişka bükməy olar!
Məxmirə: (Xasaya baxır) Yazıçi-ı-ı... belə de-e… Bu vid-fasonda da yazıçı olar?.. Mən də deyirəm, əlbət uydurur… uydursun da, o da pulnan döyül ki?.. Hə-ə, belə de… (qəfildən nə isə anlayan tək) Dayan-dayan, bu ki…
Nəzarətçi: (saxta kədərlə) Özüdü ki, var.
Məxmirə: (xatırlamağa çalışır) Adı da bir təhər idi… Xasay… Kəfkir idi, ya Cibgir idi?..
Nəzarətçi: (hüznlə) Xasay Dilgir.
Məxmirə: Hə-hə-hə… Dilgir, Dilgir. Biz də zarafata salıb «Dılğır» deyirdik.
Nəzarətçi: İlmidam nöüt buruğlarından yazırdı e, yaduuza gəlir?.. (qəfildən tamaşaçılara sarı çönür, pafosla) «Yuxularımı ərşə çəkən nazlı buruğum!.. Vətənimin qara gözəli!..» (ayrı səslə) Qara gözəl e!.. Qara rəngdə də gözəl olar, sən mənim canım?.. (yenidən pafosla) «Vətənimə şöhrət gətirən sevgili qurğum!…»
Məxmirə: (üzünü turşudur) Onu da bu yazıb?.. (çönüb tərs-tərs Xasaya baxır) Qurğudan da sevgili olar, alə?..
Nəzarətçi: (davam edir) «Əlim… (əlini Məxmirənin qoluna çəkir, Məxmirə kənara sıçrayır) …əlinə… tfu!.. dəmirlərinə toxunduqca, damarlarında bulaq kimi qaynayan qara qanının ətrini duyuram! Vətənimə qara qızıl bəxş edən sevimlim mənim!..» (qəfildən tamaşaçılara sarı çevrilir yağlı opera səsi ilə oxuyur)
Canım Bakı, gözüm Bakı, a-na Vətə-ən!..
Yaranmısan kammunizmin qüdrətində-ən…
Qara qanın qaranlığa işaq saçı-ır,
Ağ günlərə, gələcəyə yollar açı-ır…
Məxmirə: (üzünü turşudur, Nəzarətçiyə) Bunu da bu yazıb?..
Nəzarətçi: Yox əşşi. Bunu başaqa bir kliyentim yazmışdı, indi yazmasun.
Məxmirə: Hə-ə, yadıma düşür... Sonra da yıxılıb yatır altında.
Nəzarətçi: Nəyin altında?
Məxmirə: Buruğun də!.. (qəfildən bozarır, Xasaya pis-pis baxa-baxa) Buruğun altında da yatarlar?!..
Nəzarətçi: Bəs mən nə deyirəm?!..
Xasay: (dikəlir, səmimi maraqla) Bu… o bayaq oxuduğunuz parçanı deyirəm… kimin əsərindəndi?.. (cavab gözləmədən kövrəlir, tamaşaçılara) Necə də təsirlidi?!.. (Məxmirə ilə Nəzarətçi mat-məəttəl bir-birinə baxırlar) İndi siz bu əsərləri bəyənmirsiz, o dövrlər isə bu əsərlər Lenin mükafatına layiq görülmüşdü… Çünki zamanın nəbzini tutmuşdu. (qəfildən coşur) Əslində belə əsərlər bu gün də lazımdır!.. Bax, məsələn, niyə indiki yazarlar Qarabağ savaşından yazmırlar?.. Axı bu, birbaşa zamanın sifarişidir?!.. Qoy lap bədii cəhətdən zəif olsun… (tamaşaçılara) Formaca zəif, məzmunca vətənpərvər!.. Niyə yazarlarımız özlərini müsəlləh əsgər saymırlar?!.. (qəfildən sinəsini tutub ağır-ağır nəfəs ala- ala) Niyə, hə?.. Niyə?..
Məxmirə: (göylərə) Şükür məsləhətüvə.
Nəzarətçi: (Xasayın başının üstünü alır, tamaşaçılara süni kədərlə) Burda deyiblər: «kimin əvvəli, kimin axırı…»
Xasay: (yazıq-yazıq Nəzarətçiyə) Mənə dəyməyin, xahiş edirəm. Canım onsuz da tiftik-tiftikdi…
Nəzarətçi: Məcaza bax də, bay dədə!.. Əyə, saa mən nə deyim, əyə?!.. Bu boyda istedadın yiyəsi özünü bu günə salarmı, əyə?..
Xasay: (çaşqın halda tamaşaçılara) Mən bütün səhvlərimi anlamışam. Vallah, billah anlamışam. Öz verirəm: bir daha yazmayacağam.(qəfildən uşaq kimi Nəzarətçiyə) Mənə dəyməyin də, nolar?..
Məxmirə: (Nəzarətçini əyri-yəri süzə-süzə) Kim dəyir alə, sənə?.. (tamaşaçılara, hüznlə) Sənə dəyən dəyib tay…
Xasay: (qolunu ovuşdurur) Mən… biləsiniz ki, (qorxu içində Nəzarətçiyə sarı boylanır, astadan Məxmirəy) …qorxaq deyiləm. Heç vaxt da qorxaq olmamışam. Amma bu məxluqun əlindən mənə xilas yoxdu.
Məxmirə: Kimi diyirsən alə, sən?..
Xasay: (astadan) Bayaqdan imkan da vermirsiniz axı sözümü deyim?!.. İzah edim sizə ki, o… (Nəzarətçiyə sarı boylanır, astadan) Nəzarətçi deyil…
Məxmirə: Nəzarətçi deyil?..
Xasay: O… Şeytanın özüdür!
Məxmirə: (dik atılır, tamaşaçılara) Bu nə danışır?.. (Xasaya üzünü turşudur) Kim alə, bu-u?.. (çönüb Nəzarətçiyə baxır. Nəzarətçi furajkasını çıxarb başının tərini silir və saçlarının arasından bilinər-bilinməz buynuzları görünür)
Xasay: (vahimə içində) Mən onu yaxşı tanıyıram. O, hərdən bir cildə girir. Hərdən də… (tamaşaçılara yazıq-yazıq hülqumunu göstərir) …bax burama keçir…
Məxmirə: (hırıldayır) Keçib tay xirtdəyüvə də!..
Xasay: (yazıq-yazıq) Mənə inanmırsız?...
Məxmirə: Nöş inanmıram, alə?.. Cin-zad görməmişəm?!.. Biri elə srağagün qaldı ki, ayağımın altında. Təpiyimi necə vırmadım ağzına, içalatı töküldi yerə! Bir də gördüm, özüm ölüm…
Xasay: (vahimə içində) Kkki-im?..
Məxmirə: (etinasız) Nə bilim, cindi, şeytandı, fikir vermədim. Qarışqanı əzən kimi, belə (göstərir) yaxdım e, asfaltın üstünə… (Nəzarətçi də, Xasay da bərəlmiş gözlərlə Məxmirəyə baxırlar)
Xasay: (boğulurmuş kimi, yerində vurnuxur) Havam çatmır… (qəfildən zəif səslə qışqırır) Havam çatmı-ı-ır!..
Məxmirə: (yelpiyini çıxarıb Xasayın üzünü yelləyir) Hava məsələsi döyül e, qədeş, düz söz - ümumiyyətlə, adamı boğur! (tamaşaçılara) Deyirəm, niyə bu məmləkətdə sənət əhli bu kökə düşür görən, hə?.. Buranın suyunnandı, ya havasınnandı?.. Sora da cinnən qoxullar!..
Nəzarətçi: (ayağını yaxındakı skamyanın üstünə qoyub Xasaya) Düz deyir də!.. Balam, qələt eləmədilər ki, yazmağı öyrətdilər sənə?!.. Tay sən nə oyunlardan çıxmadun?.. (qəfildən tamaşaçılara sarı çönür, qəribə avazla) Bu insan ki, var a-a, qarpız kimi şeydi. Ta ki, belə ortadan (əli ilə göstərir) kəsib içinə baxmadun, bilmirsən ki, nədi... (yoxa çıxır.)
Məxmirə: (qəfildən gözləri bərəlir) A-a-a, buna bax e, qarpız dedi, yadıma düşdü. Mən-skleroz Mixaylıççun bir yeşik qarpız yığdırmışam, qalıb proxadnoyda... (qaça-qaça) Ay uşaq, yeşik hanı?.. (çıxır)
Nəzarətçi: (Xasayn qulağına astadan) Hə, Dılğır, nu kak dela?.. Gediriy?..
Xasay: (dik atılıb büzüşür) Mən… qatar gözləyirəm.
Nəzarətçi: Qatarı neynirsən, ay axmaq?.. Səni təyyarəynən aparıram! (əlini uzadıb Xasaya hansısa uzaqlıqları göstərir) Ode-ey, qartal kimi dayanıb orda! Görürsən?..
Xasay: (heç hara baxmadan, başını yelləyir) Yo-ox, görmürəm…
Nəzarətçi: Özünü gicliyə vurma, gədə!.. Məni görürsən, o boyda təyyarəni görmürsən, hı-ı?..
Xasay: (gözlərini yumub ayaqlarını qarnına yığır, vahimə içində) Görmürəm-görmürəm…
Nəzarətçi: (yan-yörəsinə baxır, Xasayın qulağına astadan) Orda bilirsən nə mükafatlar verirlər?!.. Qırmızı Qələmlər Ordeni!.. Yanar Fikir medalı!.. Əbədi Çəngəl laureatı! Hamısı da qızıldan!.. Üstundə də at boyda briliyantlar!.. Oxucu da ki, itüvə tök!.. Adamın ayağını yalıyıllar! Bir dənə Fəxri Xiyabanı var oranın… bay dədə!.. Görən-görən deyir: «basdırın e, məni burda!
Xasay: (titrəyə-titrəyə) Yox-yox, istəmirəm. (az qala ağlaya-ağlaya) Mən öz qatarımı gözləyirəm. İzn verin…
Nəzarətçi: (üzünü turşudur) Noldu, o gün istiyirdün, indi istəmirsən?..
Xasay: (duruxur) O gün?.. Haçan?..
Nəzarətçi: Tonnarnan kitab yazdığun dövrrəri diyirəm.
Xasay: (təəccüblə) Tonlarla?.. (yazıq-yazıq) Siz nə danışırsız?.. Mənim, cəmi-cümlətanı, üst-üstə yığsan, otuz iki kitabım çıxıb.
Nəzarətçi: (Xasayın böyrünü əlindəki döyənəyi ilə dümsükləyir) Bəs o çoxcilidliklər?.. Qruzavoynan yollıyırdun e-e camaatın evinə, yadunnan çıxıb yoxsa?.. Camaatın evini arxivə döndərmişdün.
Xasay: (səmimi təəccüblə) Qruzavoy?.. Siz… hansı qruzavoyu deyirsiniz?
Nəzarətçi: Artisdiy eləmə gədə!.. (dizinə dirsəklənir) Deyirəm, hanı ye o günnərün, Dılğır, hə?.. Bir əlinnən şer yazırdun, o biriynən məqalə, ayağunnan da pyes. Hamısı da şanlı, əziz partiyadan, Leninnən, kolxozdan, qurultaydan… (yamsılayır) «Dədə» deyəndə, yadıma Leinin düşür, «baba» deyəndə, gözümün qabağına Marks gəlir!.. Marks əkib-doğmuşdu səni, ay qurumsağ?..
Xasay: (yazıq-yazıq) Yo-ox…
Nəzarətçi: (əlindəki dəyənəklə Xasayın böyrünü dümsükləyir) Bəs indi hanı o şanlı-əziz babalarun, gəlib mərifətnən, qanacaqnan yola salsunnar?!.. (yumruğunu Xasayın başına endirirsə də, havada saxlayır)
Xasay: (başını tutub büzüşür, qorxa-qorxa) O dövrlər… (qəfildən ürəklənir, dikəlib tamaşaçılara) Axı niyə siz anlamaq istəmirsiz?.. Bu, zamanın tələbiydi!..
Nəzarətçi: (əsəbi) Adə, ay vidansız, ədəbiyyatın da… (qəfildən mərhəmətlə tamaşaçılara) Sözün də, kəlamın da zamanı var?.. (qəfildən əsəbiləşir, Xasaya) Axı ay… (sözünü saxlayıb başını yelləyir, müəllim təbiri ilə) Axı o boyda istedad verilmişdi sənə… (xüsusi vurğuyla) Qələm verilmişdi!.. (səsi enir) Sən neynədün, ay zalım?.. Nəyə xərclədün o qabiliyyətüvü?!.. Gör bir sənə nə boyda imkanlar verilmişdi!.. (tamaşaçılara) Sovetin o zəqqutun vaxtında Tac Mahaldan vurub Kolizeydən çıxdun!..
Xasay: (üzü dəyişir, xəyala dalır) …Eyfel qülləsi… Azadlıq heykəli…
Nəzarətçi: Aya Sofya… Sultan Əhməd…
Xasay: …İsfahan…
Nəzarətçi: Tay sənə nələr verilmədi?!.. Dalunnan təpiyi vurub Çin səddinəcən göndərdilər səni!.. Müqəddəs Məkkəyəcən… (qəfildən üzünü göyə tutub ağzının içində duayabənzər anlaşılmaz mətn deyir) …amma adam olmadun ki, olmadun!.. Ayağuvı bir başmağa soxub:«Zamanın bayrağdarı!..» - deyib durdun. Bu da axırun.
Xasay: (qəhər boğazını tutur) Bunu mən yox, o elədi… O!.. O!..
Nəzarətçi: (tamaşaçılara) Hə, indi hamısını yıxacaq arvadının üstünə...
Xasay: (tamaşaçılara) Bunu o istəyirdi, mən yox. Fəxri lojaları da, dövlət maşınını da, Yalta kurortlarını da... (başını aşağı salır) Mənsə… müsəlləh əsgər kimi o arzuları həyata keçirirdim. Sağlam ailəmiz vardı… (səsi enir, matəmlə) Sonradan isə məlum oldu ki, sən demə, o məni yox, dövlət maşınımı sevirmiş...
Nəzarətçi: (Xasayı itələyib yerinə oturur) O yalağ əsərləri də arvad yazırıb sənə də, hə?..
Xasay: (başını aşağı salır) Olan olub, keçən keçib. (tamaşaçılara, hüznlə) Halbuki, kənddən şəhərə oxumağa gələndə arzularım bambaşqa idi. Zaman öz diktəsini yeritdi. Marks, Engels idealları…
Nəzarətçi: Priçom tut Marks, ay başuva dönüm?.. Marks, həmin Marksdı, durub özü üçün yerində! Cild-cild əsərləri dünyanın bütün kitabxanalarında yatır. (tamaşaçılara) Oxuyub görürsən kin, kişi dahi olub!.. (Xasaya sarı çönür) Sən öz dərdüvə ağla, ay yazığ!.. (saatına baxıb dəyənəyi Xasayın böyrünə vurur) Yaxşı, vaxt gedir, dur tay! (o yan-bu yanına boylanır, tamaşaçılara) O qədər buralarda sənin kimi avara-uvara dolaşır kin. Ode-ey, biri də var o yanda, violonçeliynən gəlib. (tamaşaçılara) İndi gəl o boyda fısqırığnan yola sal, görüm, necə salırsan də!..

Məxmirə qarpızla dolu yeşiyi səhnəyə sürüyür. Nəzarətçi Məxmirəni görüb aradan sivişir.

Məxmirə: (yeşiyi çemodanların yanına sürüyür, təngənəfəs tamaşaçılara) Halal mal belə şeydi!.. Gedib görürəm, harda qoymuşam, quzu kimi diyanıb yerində. (Xasay ürəyini tutub oturub. Məxmirə çantasından çıxardığı dərmandan stəkana damızdırıb Xasaya uzadır) Ala, iç. (ağzının içində) Sən də bir cür bəla oldun başıma. (Xasay dərmanı alıb əli əsə-əsə içir, Məxmirə stəkanı ondan alıb özü üçün damızdırır) Qoy mən də içim. (dərmanı başına çəkir, tamaşaçılara) E-eh, vaxtıynan o qədər içmişəm bu pustırnikdən. Hamıya da onu yazırdım. Odı ki, də o addı-sannı, bazburuddı həkimlər dura-dura, camaat mənim evimə axışırdı də!.. Onda hələ heç dükanı açmamışdım. Medsestralığa gedirdim. Sedmoy paralelnidə. Bir dənə iynə vururdum, pah!.. Vuran-vuran deyirdi: «birini də vur!» Şpritsi belə tuturdum… (göstərir, Xasayı skamyaya yıxıb əlindəki «şpritsi» onun yanına sancır) …şa - rap!.. (Xasay diksinir) Bir köpəyoğlu bir şey hiss eləmirdi! (Xasaya) Bir şey hiss elədün?..
Xasay: (qorxu içində) Yo-ox…
Məxmirə: Odu ki, də hamı ölürdü mənim iynəmdən ötrü də!..
Xasay: (duruxur) Siz… iynə də vurmusunuz?
Məxmirə: (çönüb Xasaya baxır, fikirli) İynə də vurmışam, imalə də qoymuşam, bilmək istəsən, belə qəssablığa da girişmişəm… təki pul çıxarım. (fikirli) Təki bir bölük bacı-qardaşımın qarnını doyurda bilim... (tamaşaçılara) Anam savadsız arvad… atam şəhid… uşaqlar mənim ümidimdə… (yarımçıq baş barmağını Xasaya göstərir) Bu da qəssablıqdan nişanə... (ağzının içində) Allah bilə hansı klientimin payına düşüb…
Xasay: (sarsıntı içində) Siz… Ağlıma belə gəlməzdi ki, siz… belə bir aktrisa qəssab da işləmisiniz… (içini çəkir) Amma… bu dünyada nələr olmur ki?..

Hardansa yaxın məsafələrdən sürətli vıyıltıyla ötən qatarın səsi eşidilir. Vağzal saatı zəngini çalır.

Məxmirə: (xəyaldan ayılır, skamanın kürəkliyinə yayxanır) Amma lap əslinə qalanda, «Otello»-nun Dezdemonasını oynamaqdan ötrü sino getmişəm də-ə!.. (ayağa sıçrayır, uzunətəkli yubkanı ustalıqla əynindən çıxarıb çemodanların birindən tçıxardığı pariki başına keçirir, uzunətəkli ağ kimanonu əyninə geyinir, tamaşa zalına arxa çevirib üzünə nə isə yaxır və Otellonun qiyafəsində çevrilir) Demək, pərdə açılır, hardasa uzaqlarda çalınan şeypur səsləri eşidilir…

Məxmirə görünməz şeypuru ağzına dirəməyi ilə şeypur səslərinin eşidilməyi bir olur. Xasay səsə dik atılır, Məxmirənin yeni qiyafəsindən gözləri bərələ qalır. Məxmirə xırda addımlarla pərdənin arxasına qaçır. Xasay vahimə içində onu müşahidə edir.

Məxmirə: (pərdə arxasından iri, ağır addımlarla çıxır, qalın basla) Heyhat!.. (ayaq saxlayıb ətrafını seyr edə-edə)
Bu sərinlik…
Bu könül oxşıyan gözəl laləzar,
Bu donuq baxışlı, süd üzlü bahar
De, kimə lazımdır sənsiz, ey nigar?.. (teatral ədayla tamaşaçılara sarı çevrilir)
Reproduktordan səs: Diqqət! Diqqət! Sərnişinlərin nəzərinə! İkinci, üçüncü, altıncı
xəttlərdən yola düşən qatarlara minik başa çatmaq üzrədi! Sərnişinlərdən xahiş olunur, yerlərini tutsunlar. Təkrar edirəm. İkinci, üçüncü…
Məxmirə: (dik atılır) Bizimkini deyir! Tez ol… (özünü skamyaya atıb cəld hərəkətlərlə yır-yığış eləyir)

Perronun dərinliyində Nəzarətçi görünür. O, yolun o biri üzündə dayanan kimlərəsə göstərişlər verə-verə relslərin ətrafı ilə o baş-bu başa yeriyir.

Nəzarətçi: (yolun o biri üzünə) Ay uşağ!.. Qırağa çəkilün!.. Görürsuuz ki, işarə qoyulub da! Siznənəm, ay xala!.. Yol nişanlarına fikir verin! (qəfildən kiməsə çığırır) Nə soxursan özuu qatarın altına, a qoyun?!.. Görürsən ki, tərpənmək istiyir da-a!.. Özün öz gözünnən görürsən axı bunu?!..
Məxmirə: (özünü skamyaya basıb Xasayı da yanına oturdur. Xasay Məxmirənin qəhvəyi üzündən vahimələnib skamyanın kürəkliyinə qısılır; qoluyla Xasayı dümsükləyir) Fikir ver-fikir ver, indi guya bu, vəzifə başındadı də!.. Kişinin oğluna bir balaca səlahiyyət verilib də. (tamaşaçılara) Gör ki ya, indi buna Allah eləməmiş- Allah eləməmiş, vəzifə verilə də!..
Nəzarətçi: (Məxmirəylə Xasaya yaxınlaşır, rəsmi) Vətəndaş sərnişinlər… (gözü Məxmirənin Otello qiyafəsinə sataşır, dik atılır) Bıy?.. Bu… (Xasaya astadan) Bu kimdi?.. Zəncidi?.. (Xasay vahimə içində çiyinlərini çəkir. Məxmirəyə) Ay yoldaş, siz…
Məxmirə: Əlnən danışma alə!..
Nəzarətçi: A-a?!.. Bu… sizsüz?.. Sizə nolddu axı?..
Məxmirə: Məşq eliyirik, sənə nə?..
Nəzarətçi: Bəs niyə minmirsüz?.. Vaxtuvuza az qalıb axı?!..
Məxmirə: Kefimizə belə düşüb (bağlamadan çıxardığı fındıqdan ağzına atır)
Nəzarətçi: (Xasaya, rəsmi) Vətəndaş, biletinizi göstərin!
Məxmirə: (Nəzarətçinin əlindən vurur) Əlüvi yığışdır, alə!..
Nəzarətçi: Ay xanım, niyə bizi işləməyə qoymursunuz?.. Hər şeyin bir əndazəsi var axı.
Məxmirə: (ağzının içində) «Axı»lar öldürsün səni-i! (sumkasından çıxardığı bileti az qala Nəzarətçinin gözünə soxur) Gələ, sox gözüvə!.. Esveyədi!.. İkinəfərriy!
Nəzarətçi: (bileti əlinə alır, gözü Məxmirədə) Bəs axı siz… (astadan) niyə bu rəngdəsüz?.. (cibindən çıxardığı əl ənəri ilə yoxllayır)
Məxmirə: Bunun da vağzal asayişinə bir dəxlisi var?.. (Nəzarətçiyə) Sən biletüvi yoxla da-a, a-a?!..
Nəzarətçi:Ay bacım, ay anam, bu, bilet döylül axı?!..
Məxmirə: Bilet döyül?.. (iztehzayla) Bəs nədi?..
Nəzarətçi: (bileti əlinin içində o yan-bu yana çevirə-çevirə) Pamoymu bu, harasa buraxılış vərəqəsidi…
Məxmirə: (bileti dartıb Nəzarətçinin əlindən alır, tamaşaçılara) Bisavaddığın dərəcəsinə bax da!.. Millət gör nə gündədi də!.. (biletlə üzünü yelləyə-yelləyə Nəzarətçini başdan-ayağa süzür) Azərbaycanca da oxuya bilmirsən, ay bədbəxt?.. Burda ki, aydın yazılıb… (bileti Nəzarətçiyə göstərmək istəyəndə duruxub dayanır) A-a?!.. Bu ki… Mənə bax e!.. (tamaşaçılara) Dinamonun buraxılış vərəqini verirəm e, sənə!.. Dayan-dayan, bu saat… (çemodanlara sarı gedir, orda bir müddət əl sumkasının içində eşələnir)
Nəzarətçi: (Xasaya işarəylə) Bu vətəndaş sizinlə gedir?..
Məxmirə: (başı bilet axtarmağa qarışıb) Həri-həri, məniynən gedir.
Nəzarətçi: (Xasaya yaxınlaşır) Sənədlərinizi xahiş edirəm.
Xasay: (kəkələyir) S-sənəd? Mən… bilirsiz, mən əvvəl burda…
Məxmirə: (sumka əlində Nəzarətçinin üstünə yeriyir, qarnı ilə onu itələyir) Bura bax, həddüvi aşdun a-a! Səhərdən dinmirəm, ağını çıxartdun a-a, lap...
Nəzarətçi: (geriyə səndəlib özünü toplayır) Xanım, mən nə dedim ki?!.. Biletləri yoxlamaq mənim vəzifə borcumdu!
Məxmirə: Nədi alə, sənin vəzifə borcun? Camaatı dığlatmaq?.. Səhərdənnən göz verib işığ vermirsən bizə... (başı ilə reproduktora işarə edir) O birini də dəqiqədə bir öyrədib salırsan canımıza, elə bilirsən başa düşmürük?.. (Nəzarətçi nə isə demək istəyirsə, sözünü kəsir) İstəyin nədi, onu de, biz də bilək atam də-ə!.. (qəfildən Nəzarətçinin yaxasından yapışır) Danış da ay qurumsaq!.. Nədi, bu bədbəxtin qol-qanadını qırmaq istiyirsən?..
Nəzarətçi: (Məxmirənin əlində vurnuxur, çaşqın halda) Xanım, hər şeyin bir təhəri var… Qanad öz yerində, sənəd öz yerində…
Məxmirə: (Nəzarətçini silkələyib yerə sərir) Dijurnı olub mənimçün!. Mən buralarda drujinnikliy eliyəndə, sən hardaydun?..
Nəzarətçi: (ayağa qalxıb üst-başını çırpır, pərt halda) Özuuz bilərsız… (gedir) Amma sənədləriniz qaydasında deyilsə, yolda probleminiz çıxacaq. Ona arxayın ola bilərsüz.

Nəzarətçi gethagetdə qatarların hərəkət cədvəlini də sürüyüb özüylə aparır, səhnənin arxasında dayanan kimlərəsə işırə edir və bir neçə əcaib qiyafəli adam səhnəyə çıxaraq, işıq dirəklərini və skamyaları da sürüyüb aparırlar. Perronu andıran məkan tamamilə boş qalır.

Məxmirə: Ay-hay!.. Bu da bunun nəzarətçisi!.. (tamaşaçılara) Bu milləti oyatsa-oyatsa, mənim o üç pərdəli, dörd şəkilli faciəm oyada bilərdi, o da xudsovetdən keçmədi. Ələlxüsus, da o axırıncı səhnə... Qiyamət gününün səhnəsi… (əlini-əlinə vurur, gözlərində qığılcımlar oynayır) Şedevrdi, şedevr!.. (ovsunda) Demək, axırda, onda ki, insanlar axır ki, başa düşürlər ki, hər şey sən demə boş xülya imiş… (şəhadət barmağını, nəyəsə işarə verirmiş kimi havada saxlayır) Yer titrəməyə başlayır… (ağzıyla zəlzələ uğultusu yaradır və hardansa, uzaqdan uğultu eşidilməyə başlayır) …Bu məqam ha tərəfdənsə şahə qalxan güclü külək yeri göyə sovurmağa başlayır… (ağzıyla küləyin səsini imitasiya edir və möhtəşəm külək uğultusu eşidilir. İşıq dəyişir. Qorxulu musiqi. Məxmirənin səsi uğultuların içiylə əks-səda verir.) …Göy üzü şimşəklərdən dağılır…

Möhtəşəm ildırım çaxıntıları… Zələzələ uğultsu, külək vıyıltısı möhtəşəm göy gurultularına qarışır. Xasay çiynindəki şala bürünüb skamyanın küncünə qısılır.

Məxmirə: (səsi əks-səda verir) …Göylərdən yerə od-alov ələnir!.. İnsanlar dəhşətdən başlarını itiriblər… azmış kimi, hərə bir yana qaçır… (səsi enir, əks-sədayla) Nə ana oğlunu axtarır, nə qardaş bacısının… nə ər arvadını…

Şimşək və kulək uğultusu getdikcə güclənir. Külək haralardansa sovurub gətirdiyi
bir yığın müxtəlif rəngli əlcəkləri və papaqları, şərfləri və çətirləri «perrona» dağıdır…
Xasay ayağa qalxıb küləyin müqavimətindən laxlaya-laxlaya, səhrada azmış tək, qışqıra-qışqıra kimisə axtarmağa başlayır.
Hansısa uzaqlıqlardan perrona üz tutan sürət qatarının səsi və qorxunc fiti eşidilir. Xasay səs gələn tərəfə irəliləyir. Məxmirə küləyin müqavimətindən yerində zorla dayanır.

Məxmirə: (Xasayı sezmir, ovsunda) Bu məqam… hardansa uca yüksəkliklərdən, qeybdən səda eşidilir... (qarpız yeşiyinin üstünə qalxır, əzəmətli kişi səsi ilə) «Ey Adəm övladı!.. Deyirdim axı sizlərə... Sizsə qulaq asmırdız… Bir-birinin ardınca əlamətlər göndərirdim, bəlkə ayılasız… yuxudan oyanasız!.. Sizsə oyanmırdız… Qulaqlarınız da, gözləriniz də möhürlü idi...

Külək vıyıltısı getdikcə güclənir. Xasay dayaqlanmaq üçün yer axtarırsa da tapa bilmir, küləyin müqavimətindən yerə yıxılıb səhnə boyu dığırlanır.

Məxmirə: (həmin səslə)…İndi deyin!.. Dadınıza kim çatacaq?.. Nə kömək olacaq bu gününüzdə sizlərə?.. (qəzəblə) Ömrünüz boyu bir-birinizin gözündə yaxşı görünməyə çalışdınız!.. (səsi yazıqlaşır) Bircə dəfə düşündünüzmü ki, Mənim gözümdə yaxşı olasız?!.. (qəfildən yerini dəyişib əks səmtdə dizi üstə düşür, əllərini, dua oxuyan tək, sinəsində cütləyib yazıq-yazıq göylərə) Keç günahımızdan, pərvərdigara!.. Əhv et, ey Qüdrətli!.. Kömək ol, bizlərə!.. (başını aşağı salır, qəhərlə) Biz həqiqətən Sənin günahkar bəndələrinik!.. (tamaşaçılara, astadan) …insanlar deyir…

Ecazkar işıq bərqləri. Qatar çarxlarının və fitinin səsi getdikcə güclənir.
İşıq dəyişir. Musiqi. Xasay qollarını geniş açaraq, perronu bürüyən işıq selinə sarı addımlayır, getdikcə, üzündən nur yağan, addımlarından işıq saçan gözəl məxluqa çevrilir… Hardansa peyda olan əcayib qiyafəli Nəzarətçi Xasayın qabağını kəsirsə də, küləyin, ya şimşəyin müqavimətindən geriy səndələyir, quş tükü kimi havadan asıılı qalır.
Xasay işıq selinə daxil olur və yoxa çıxır.

Məxmirə: (qəfildən Xasayı sezir) Xasay!.. Hara-a-a?.. Xasa-a-ay!!!

Perrondan ötüb sürətlə uzaqlaşan qatarın səsi və fiti Məxmirənin çığırtısını eşidilməz edir.
İşıq dəyişir. Məxmirə Xasayın ardınca qaçır, o da işıq selinə düşür. Qatar fitinin və çarxların səsi getdikcə uzaqlaşır və itir. Məkana qaranlıq çökür. Bir qədərdən sonra hansısa yaxınlıqlardan «Per Günt» operasından asta melodiya eşidilməyə başlayır. Məxmirə bayaqkı qiyafədə - Otellonun uzunətəkli ağ libasında görünür. «Perron» deyilən məkanda üst-üstə qalanan bir neçə çemodandan və qarpız yeşiyindən savayı heç nə gözə dəymir. Məxmirə başındakı pariki qoparıb yerə atır.
İşıq dəyişir. Musiqi kəsilir. Məkan əlişamlı insan siluetləri ilə dolur. Hamı dua oxuyur.
Məxmirə dizi üstə çökür, əllərini sinəsinin qarşısında cütləyib dua oxuyur.
Qəfildən səhnənin və tamaşa zalının işıqları yandırılır. Siluetlər və yanar şamlar gur işığın içində əriyib itən tək, yoxa çəkilir. Məxmirə sıçrayıb ayağa qalxır. Səhnəyə xidməti geyimdə teatr xidmətçiləri daxil olurlar. Onlar, tamaşanın əvvəlində görünən «perronu» yenidən qurmağa başlayırlar. Özləri ilə sürüyüb gətirdikləri işıq dirəklərini, vağzal saatını, skamyaları və qatarların hərəkət cədvəlini səhnə boyu əvvəlki qaydada yerbəyer eləməklə məşğul olurlar.

Məxmirə: (tamaşaçı zalından özünü itirir) Oy!.. (çaşqınlıq içində y erində vurnuxur, tamaşaçılara) Mən… Bağışlayın, siz Allah, mənim heç ağlıma da gəlməzdi ki… Sən demə… (çaşqın nəzərlərlə gah fəhlələrə, gah tamaşa zalına baxır, tələsik hərəkətlərlə üst-başını və saçlarını səliqəyə salmağa çalışır, pərt təbəssümlə) Axı mən… (ətrafını ilk dəfə görürmüş kimi təəccüblə nəzərdən keçirir) Qəribədi… Amma mən doğurdan… düz sözümdü vallah, bilet almışam. Esveyə. İnammırsuz?.. (çemodanlarına işarə ilə) Bu da mənim çemodanlarım…

Səhnəyə, ətrafında köməkçisi və assistenti Rejissor daxil olur.

Rejissor: (Məxmirəni görüb ayaq saxlayır, əsəbi halda harasa, səhnənin arxasına) Bunu yenə kim buraxıb bura?.. (Məxmirə rejissoru görüb özünü lap itirir, harasa dayaqlanmaq, ya gizlənmək üçün yer axtarırsa da, tapa bilmir və yerində vurnuxa-vurnuxa qalır) Axı belə müsibət olmaz, belə işləmək olmaz, vallah, billah olmaz… (qəfildən sərt) Bu xarabanın bir gözətçisi var, ya yox?.. (yanındakılara) Sizinləyəm!!!.. (əllərindəki kağız-kuğazı yerə çırpır və əsəbi addımlarla çıxır)

Rejissor assistenti fəhlələrə nə işarə verirsə, onlar əllərindəki işi atıb Məxmirəni dövrəyə alırlar. Biri çemodanları və fikusu, o bir qarpız yeşiyini çıxışa sarı daşıyırlar. Qalan iki fəhlə Məxmirənin qoluna girib onu çıxışa sarı sürüyür.

Məxmirə: (ayaqlarını yerə dirəyib fəhlələrə müqavimət göstərirsə də, fəhlələr onu sürüməklərinə davam edirlər. Qəfildən qoçusayağı.) Məniynəndi o?.. A balam mən nə ox olub batmışam bunun gözünə? Neniyirəm, mən-yazıx? Kimə mane oluram?.. Kimin çörəyinə bais çıxıram?.. Rol istəmirəm, ad istəmirəm, maaş istəmirəm. Vurub öldürəcəksiz məni?..
Birinci fəhlə: İcızə vermir. İncimiyin xanım. (Rejissora işarə ilə astadan) Görürsüz ki, əsəbiləşir də, sonra bizə söz gəlir axı?!..
Məxmirə: (sivişib fəhlələrin əlindən çıxır, ayaqlarını yerə dirəyib, əllərini belinə vurur) Siz elə bilirsüz mən nədi, ölürəm burdan ötrü?.. Belə tüpürüm sizin teatrınıza!.. (qəfildən yazıqlaşır) Məni bu günə o qoymayıb bəlkə?..
İkinci fəhlə: Nahaq bizə qeyzlənirsiz. Biz kimik ki?.. (Məxmirənin qoluna girib çıxışa sarı sürüyə-sürüyə) Bu gün o ümumiyyətlə, əsəbidi... Premyera günü o həmişə belə olur. Özünüz bilirsiz də…
Gültəkin: (ildırım vurmuş kimi, dayanır)) Premyera?.. Yenə premyera? A bala, göydən daş yağır, dörd bir tərəf od tutub yanır, siz nəylə məşğulsuz?.. (fəhlələr onu çıxışa sürüyürlər) Dünyanı sular aparır, meşələr özünü yandırır… (çıxışın yanında gözü afişaya sataşarkən ayaq saxlayır) Bah!.. Budu premyeravu-uz?..
Birinci fəhlə: (Məxmirəni çıxışa sarı sürüyə-sürüyə) İndi camaatı zala buraxacaqlar. Səhnəni boşaltmaq lazımdı…
İkinci fəhlə: Belə də olmaz da… Axı sizi o cürə təmtərağnan yola saldılar, şəklinizi foyenin yuxarı başından asdılar, özünüz görmüsüz. Adama tay nə cür hörmət eləyəllər e?.. Vallah da. Gedin evə, dincəlin… (Məxmirəni çıxışa sarı sürüyürlər)
Məxmirə: (qorxu içində) Evə?..
İkinci fəhlə: (Məxmirəni çıxışa sarı sürüyə-sürüyə) Bəli, evə.
Məxmirə: (vurnuxub fəhlələrin əlindən çıxır, tamaşaçılara) Bu nə deyir?.. Mən hər şeyimi… nəyim vardısa ya, hamısını hökümətə təhvil verib, baş götürüb bu ölkədən gedirəm, tutmusuz elə «ev-ev»! (fəhlələr onun qoluna girib yenə çıxışa sürüyürlər, vurnuxub yenə fəhlələrin əlindən çıxır, tamaşaçılara yazıq-yazıq) Heç özüm də bilmirəm niyə gəlib bura çıxdım?!.. Mən ki, vağzala yollanmışdım?!.. (fəhlələr yenidən qoluna girib sürüyürlər. Məxmirə fəhlələrə yazıq-yazıq) İnanmırsu-uz?.. Vallah, billah vağzala!.. Bilet də almışam, göstərim sizə?.. (sumkasını əl atmaq istəyirsə də, fəhlələr imkan vermirlər, onu çıxışa sürüməyə davam edirlər. Məxmirə vurnuxur.) Burax göstərim də-ə!.. (qoluna girən fəhləyə qoçusayağı) Əlüvi çek alə!.. (o biri qolundakı fəhləyə) İnanmırsuz, biletim var?.. (fəhlələr Məxmirəni səhnədən çıxarırlar. Bir müddət onun səsi səhnənin arxasından eşidilir) Dinən, sən öl, inammıram!.. Dinən, bu ölsün inammıram?..

PƏRDƏ
YOL ÜSTƏ.

VAĞZALDA BAŞLANIB, VAĞZALDACA BAŞA

Комментариев нет:

Отправить комментарий