Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


воскресенье, 22 июля 2007 г.



SƏRÇƏLƏR


Əli əsdi, ya fikri dağıldı, nə oldusa, yenə çayla dolu fincan apardığı yerdə ağzı üstə döşəməyə dəyib sındı. Fincanla bir ürəyi də döşəmənin işıltılı, bərk üzünə dəyib çilik-çilik oldu… Dağılan yenə şirin çay idi.
Dəhlizdə anasının əsəbilikdən əyilən üzü göründü. Anasının üzü əsəbiləşəndə elə vahiməli olurdu, adamın az qalırdı bağrı yarıla.
Anası bu vahiməli üzüylə günaşırı yuxusuna da girirdi. Həmin o əcaib üzüylə gözlərini ağarda-ağarda, dəmir addımlarla tufan kimi üstünə yeriyirdi. Onda anasının nəhəng kölgəsindən elə bil gecə düşürdü, hər yana qatı zülmət çökürdü… və o anasının vahiməli kölgəsi altında, zülmət qaranlığın içində təmtək qalırdı, dəhşətdən, qorxudan bağrı yarıla-yarıla yığılıb-yığılıb balaca su damlasına dönürdü... Onda anası yekə, ağır ayaqlarıyla onun üstündən keçib gedirdi. Onu tapdayıb, əzib, döşəməyə yaxıb gedirdi… O da döşəməyə yayılan minlərlə sulu nöqtəsiylə heysiz-heysiz kimlərisə köməyə çağırırdı...
…Nənəsi üçün ürəyi gizildədi… başını, bədənini ovuc kimi yığıb onun qarnında gizlənməyi gəldi. Fikirləşdi ki, ora girə bilsəydi, daha çıxmazdı. Elə oradaca oturub qalardı, dərsini də orda oxuyardı, orda da yazardı, yatıb-durardı... Nənəsinin qarnı okean kimi nəhəng və dərin idi. Orda istəsəydi, lap velosiped də sürərdi.
…Anası hələ də dəhlizin o başından ona baxırdı… Baxdıqca, elə bil dişləri bir-birinə sıxılırdı, yumruqları düyünlənirdi, başının tükü bir barmaq yuxarı qalxırdı...
Deyəsən, yenə onun üstünə qışqırmağı gəlirdi...
Fikirləşdi ki, görən niyə anası onun üstünə qışqırmaqdan yorulmurdu?!. Əksinə, qışqırıb qarğıdıqca, elə bil güclənirdi, rəngi-ruhu açılırdı?!.. Anası elə bil kiminsə heyfini alırdı ondan. Görən kimin heyfini alırdı ondan?!.
…Fincanın qırıqlarını ətəyinə yığdıqca, fikirləşirdi ki, olsun ki, anası nəyəsə heyfsilənir. Amma nəyə?.. Hərdən bir ona qışqırmağa gücü çatmayanda, anası evin içində vurnuxa-vurnuxa qalırdı, o yan-bu yana yeriyib, dəli kimi dırnaqlarını gəmirirdi...
Fikirləşdi ki, ümumiyətlə, anası nə isə eləmək istəyir, amma o istədiyini eləyə bilmir. Nə istəyir görən anası?..
...Stəkanın qırıqlarını tələm-tələsik yığdıqca, iti şüşələr ətinə keçib barmağını qanatdı.
Anası bir müddət ağır-ağır nəfəs ala-ala uzaqdan ona baxdı… Deyəsən üstünə qışqırmağa halı yox idi. Olsun ki, yorulmuşdu, ya da bəlkə əlinin qanadığını görüb hirsi soyumuşdu?..
- Əlin bişib?..
Anasının səsi həmişəki kimi quru və kobud idi.
...Titrəyib ayağa qalxdı, qırıqlar ətəyində mətbəxə getdi. Yeridikcə, arxadan anasının
Anası bu oxlardan ona o biri otaqlarda olanda da atırdı… qara makinasını ikiəlli əsəbi-əsəbi döyəcləyə-döyəcləyə elə bil ordan güllələyirdi onu...
Anası bir də yuxuda güllələyirdi onu… Yuxuda anası həmin o qara makinasına minib tank kimi guruldaya-guruldaya üstünə yeriyirdi... makinanın qara düymələrini basıb onun bədənini güllələrlə doldururdu, aşsüzən kimi deşib tökürdü… o da yaralı bədəninə baxıb görürdü ki, ətinə dolan, sən demə, güllə yox, makinanın özü kimi qapqara hərflərmiş... onda o, başdan-ayağa qara hərflərlə dolu bədənini sürüyə-sürüyə, ürəyi əsə-əsə anasının əlindən qaçıb hardasa gizlənirdi... bir də baxıb görürdü, bayaqdan bəri içinə girib gizləndiyi, sən demə, iri bir "ü" hərfidi...
...Ətəyindəki şüşə qırıqlarını zibil qutusuna çırpdı, qulağı dəhlizdə, üst-başını təmizlədi, paltarına ilişən nöqtə boyda şüşə qırıqlarını bircə-bircə hövsələ ilə ovcuna yığdı.
...Anası hələ də dəhlizdəydi, əsəbi nəfəsi dəhliz boyu qıvrılıb yandırıcı dalğayla mətbəxə axırdı, onu qara tüstü kimi dövrəyə alırdı...
Anasını bir dəfə lap dəhşətli görmüşdü yuxuda. Yuxu ondan başlamışdı ki, o barmaqlarının ucunda anasının otağına daxil olurd, arxadan ona yaxınlaşırdı… anasını çağırırdı... anası isə üzü pəncərəyə, arxası ona oturmuşdu… əlləri dizlərinin üstə, gözünü qırpmadan pəncərədən harasa, uzaqlara baxırdı... o, anasının çiyninə toxunmuşdu... anası içi boş müqəvva kimi laxlayıb böyrü üstə döşəməyə yıxılmışdı… onun başsız kuklası kimi uzun-uzadı mələmişdi... onda o, qorxudan bağrı yarıla-yarıla, ağlaya-ağlaya, özünü anasının üstünə atmışdı, qolundan yapışıb onu yerdən qaldırmaq istəyəndə anasının qolu çıxımışdı… başı yerindən qopub döşəmə boyu dığırlanmışdı... o, anasının qol-qıçını qucağına yığıb öz otağına aparmışdı, orda qorxudan nəfəsi kəsilə-kəsilə, əli-ayağı keyiyə-keyiyə bu qol-qıçı döşəməyə sərmişdi, ha əlləşib-vuruşub qol-qıçı yerinə taxmağa çalışmışdısa da, heç nə alınmamışdı...
...Anasının otağının qapısı çırpıldı və çox keçmədi ki, yenə evi makinanın əsəbi çıqqıltıları bürüdü.
İçini çəkib kətilə oturdu və fikirləşdi ki, anası bu qədər nə yazır görən?!..
Bir dəfə bunu öyrənməkdən ötrü oğurlanıb anasının otağına girmişdi, üst-üstə qalaqlanan yazılarını oxumuşdu və qətiyyən heç nə başa düşməmişdi.
Anası nə isə sərçələrdən yazırdı...
Fikirləşdi ki, bəlkə anası sərçələri sevir?!.. Ya bəlkə anası da sərçədi, ona görə onu sevmir?!.. Ya bəlkə əksinə, onu, sərçə olmadığına görə sevmir?!.. Yoxsa, anası sevirdi onu?!..
Hə, hərdən elə bil sevirdi… Bu, əsasən o xəstələnəndə olurdu. Ələlxüsus qızdırması qalxanda. Onda anası daha makinasına sarı getmirdi, onu çaqqıldatmırdı, onun üstünə qışqırmırdı, evin ortasıyla dəli kimi vurnuxmurdu… Onda anası fikirli gözlərini bir nöqtəyə zilləyib yorğun halda onun çarpayısının yanında otururdu, mehriban gözlərini üzünə zilləyib susurdu, arada bir soyuq dodaqlarını alnına toxundurub istiliyini yoxlayırdı. Onda da anasının dodaqlarından heç bir hərarət duyulmurdu. Anası həmin o soyuq dodaqlarıyla eyni ilə beləcə dəmir ütünün qızmağını yoxlayırdı, zivədən yığdığı təmiz pal-paltarın nəmliyini yoxlayırdı. Fikirləşdi ki, ölsəydi, anası sevərdi onu…
Sonra gözünün qabağına gətirdi necə ölür… necə onu tabuta qoyurlar, necə anası tabutun üstünə yıxılıb hönkür-hönkür ağlayır...
Anası bütün bədəniylə onun üstünə yıxılırdı… Onda anasının bədəninin çəkisini, istiliyini, iyini hiss eləyirdi və rahatlıqdan yuxusu gəlirdi...
Bunu son vaxtlar tez-tez gözünün qabağına da gətirirdi. Yaxşı idi...
Ölümdən qorxmasaydı, bir də bilsəydi ki, öləndən sonra diriləcək, ölərdi. Hə, yəqin ki, ölərdi. Sonra uzun müddət ölümün nə olduğu barədə fikirləşdi.
Ölüm, çox qəribədi ki, qaranlıq deyildi. Dumanlı yaz səhəri kimi ağappaq və soyuq idi. Fikirləşdi ki, öləndən sonra orda - o qatı dumanın içində bu balaca canıyla neyləyəcəkdi?!.. Oturacaqdı, uzanacaqdı, ya qanad açıb sərçə kimi uçacaqdı?!.. Bunu bilmirdi. Bir də bu aydın otaqdan ora - o dumanlı yerəcən necə gedəcəkdi?!.. Harasısa ağrıyacaqdı, ya nəfəsi daralacaqdı, yoxsa əli-ayağıqarışıq ət maşınının içiylə çəkilə-çəkilə, qıymaya dönüb gedəcəkdi?!.. Burası qorxulu idi.
Bunu fikirləşdikcə elə bil axşam düşürdü… Yoxsa, otağın işığı zəifləyirdi?!..
Barmaqlarının ucuna qalxıb divar işığı da yandırdı və fikirləşdi ki, anası onun üçün ağlayacaq, hönkürüb lap dəli kimi ulayacaq.
Çünki anasının belə hönkürtü ilə ağlamağını, nənəsi öləndə görmüşdü. Anası qollarını tabuta sarıyıb qışqırmaqdan batmış səsiylə: "Ana...a-a-a!" - deyib qışqırırdı...
Sonra anasının ölməyini gətirdi gözünün qabağına. Anası solğun bəniziylə, sürməli gözləriylə, üzündəki həmin o əsəbi ifadəylə tabutda uzanacaqdı. Onda o, tabutun lap yanında oturub anasının solğun yanağını istədiyi qədər sığallayacaqdı.
Həmişə fikirləşib-fikirləşib bu yerə çatanda özü ilə bacarmırdı, gözləri elə bil öz-özünə yaşla dolub-boşalırdı.
…Anası səssiz addımlarla dəhlizdən ötüb mətbəxə girdi. Orda deyəsən özünə qəhvə dəmlədionra əlində fincan otağına qayıtdı və daha makinanın səsi eşidilmədi.
Fikirləşdi ki, qəribədi, anası elə bil orda – öz otağında, o boyda sakitliyin içində tək deyil… Orda saatlarla oturanda da, fikirli-fikirli dəhlizdən ötüşəndə də, onunla üzbəüz dayananda da anasının beyni minləsə, nə iləsə məşğuldu. Hə, anası nə uzun-uzadı uzanan saatları, nə evin adamboğan sakitliyini hiss eləmir...
Dəhlizə qulaq kəsildi.
Anasının otağından axan ağır sakitlik bütün evə çökmüşdü…
Fikirləşdi ki, görən indi anası bu sakitlikdə orda neyləyir?!..
Bəlkə həmin o qapısı bağlı otaqda elə beləcə, saatlarla tək-tənha otura-otura heç nə eləmir, oturub elə-belə divara baxır?!..
Anası orda – öz otağında kimdənsə gizlənirdielə bil. Amma kimdən?.. Ondan, yoxsa atasından, burasını anlaya bilmirdi. Amma bir dəfə atasıyla qızğın mübahisəs vaxtı anasının, gözləri irilə-irilə vəhşi bir səslə:
- Əl çək yaxamdan!.. İcazə ver ölüm!.. – dediyini öz qulaqlarıyla eşitmişdi.
Onda, yadına gəlir, üzünü balışının içinə basıb çoxlu ağlamışdı.
Fikirləşdi ki, anası bəlkə düz deyirdi?.. O otağa da ölmək üçün girirdi və bəlkə elə orda otura-otura ölürdü?!..
Hə, anası ölmək istəyirdi. Burası yüz faiz dəqiq idi. Bu fikirdən ürəyinin xırda döyüntülərlə axdığını hiss etdi və fikirləşdi ki, axı anası niyə ölmək istəyir?!.
Bəlkə anasını öldürən, rəngini gün-gündən saraldıb solduran, uşağına, ərinə nifrət elətdirən, həmin o gecə-gündüz, dəli həvəslə yazdığı o yazılarıydı?!..
Atası da nifrət eləyirdi o mənfur yazılara. Atası bir dəfə elə belə də demişdi. Gecədən xeyli keçmiş anasının otağının qapısını açaraq:
- Nifrət eləyirəm, - demişdi, - sənin bu yazılarına!..
Fikirləşdi ki, atası niyə bu qədər acıqlıydı anasının əlindən?.. Elə acıqlıydı, elə bil anası heç nə eləməyə-eləməyə, həm də nə isə eləyirdi atasına. Olsun ki, onu da güllələyirdi. Öz otağından, divarın o biri üzündən, qara makinasıyla.
Atası son vaxtlar anasına elə baxırdı, elə bil dişi ağrıyırdı. Sonra əlacsızlıqdan, o da qızdırırdı, yorğan-döşəyə yıxılıb zarıya-zarıya anasının üzünə baxırdı, "mənə yazığın gəlir?" - deyirdi.
Anasınınsa ona yazığı gəlmirdi. Xəstələnəndə də gəlmirdi. Və hətta...
Bu yerə gəlib çatanda əti ürpəndi...
…və hətta atası ölsəydi belə, anasının ona yazığı gəlməzdi. Bir dəfə nədənsə əsəbiləşən atası:
- Ölsəydim, canım qurtarardı!.. - deyəndə, anası həmin iadəsiz üzüylə, səsini belə qaldırmadan:
- Ölmürsən axı?!.. - demişdi və onda anasının üzündən dəqiq bilmişdi, istədiyi nədi.
Damarlarını sızıldadan soyuq gizilti bədəninə yayıldı. Otağa çökmüş sakitlikdən ürəyi sıxıldı.
Yadına, bir dəfə, belə bir sakitliyin içində boğulub ölmməkdən ötrü anasının otağına barmaqlarının ucunda getməyi, qapısını azca aralayıb gördüyündən ayaq üstə donub qalmağı düşdü…
…Onda, yadına gəlir, anası yazı masasının üstündəki dördkünc güzgünün baxa-baxa dinməz-söyləməz oturmuşdu... bir müddət beləcə, özünə baxıb-baxıb başını qolunun üstə salmışdı və səssiz hönkürtülərlə ağlamışdı...
O gündən bəri ha fikirləşirdisə də, başa düşə bilmirdi ki, anası onda niyə elə ağlayırdı?!.. Fikirləşdi ki, bəlkə anası indi yenə ağlayır?!.. Sonra elə bil qulağına o biri otaqdan hıçqırtı səsləri də gəldi. Ürəyi döyündü...
Qalxıb barmaqlarının ucunda asta-asta dəhlizə çıxdı, gəlib anasının otağının qapısını azca araladı.
...Anası pəncərənin qabağında, əli qoltuğunda dayanıb harasa baxırdı… Onun gəldiyini hiss edib geriyə çöndü, dəmir kimi soyuq səslə:
- Nədi?.. – dedi.
- Heç, elə bildim ağlayırsan.
- Ağlamıram. - anası dedi - Bir də bəsdi güddün məni.
Otağın qapısını çəkib bağlaya-bağlaya, anasının bayaqdan bəri qabağında durduğu pəncərənin ağzı sərçəylə dolu olduğunu gördü. Deməli, anası bayaqdan bura sərçələrə baxırdı...
Dəhlizə çıxıb qapını örtdü, üzbəüzdəki güzgünün qabağında dayanıb uzun müddət diqqətlə üzünə, gözlərinə, ağzına baxdı.
Qətiyyən sərçəyə oxşamırdı...
Fikirləşdi ki, əslinə qalsa, anası onu heç olmasa gündə bir dəfə öpməlidi, ya da heç olmasa, günaşırı öpməlidi. Necə ki, körpəlikdə öpürdü. Yəqin bezib onu öpməkdən.
Yaxşı, öpməkdən bezib, onda heç olmasa üzbəüz oturub danışsın onunla?!..
Anası onunla yalnız səhər yeməyində üzbəüz otururdu. Söhbətləri də təxminən belə olurdu:
- Üzün yenə qaşığa dönüb.
Bunu anası deyirdi. O da gülümsəyib çiyinlərini çəkirdi.
- Niyə yemirsən?!..
- İştahım yoxdu.
- Dünən qiymət almamısan?..
- Ədəbiyyatdan "beş" almışam.
Anasının üzünün ifadəsi bu cavabdan qətiyyən dəyişmirdi:
- Afərin.
Sonra anası həmin o ifadəsiz üzüylə, fikri yenə sərçələrin yanında, işə gedirdi. Ya bəlkə sərçələrin yanına gedirdi?!..
…Axşamlarsa anası lap əsəbi olurdu. Əvvəl soyunub bir müddət yataq otağında gözüyumulu uzanırdı, sonra ayaqüstü nə isə yeyib otağına çəkilirdi və yenə qara makinasını işə salırdı… Yəqin yenə sərçələrdən yazırdı.
Fikirləşdi ki, uzun müddətdən bəridi, anası nə isə eləmək istəyir. Görən anası neyləmək istəyir?.. Bəlkə sərçələri çoxaltmaq istəyir?..
Sonra fikirləşdi ki, bunun anasına xeyri nə ola bilər, görən?..
Balaca ürəyindən nə isə xoşagəlməz ilıq su axdı elə bil… Ürəyi sıxıldı.
Başını divanın söykənəcəyinə söykəyib səssiz-səssiz ağladı...
Çox keçmədi ki, qara makina yenə işə düşdü. Anası indi kimisə, ayrı adamı güllələyirdi.
Anası makinada yazanda elə bil bütün dünyanı unudurdu. Gözlərinin içi dəyişirdi, saçları pırpızlaşırdı, barmaqları ucuiti qələmlərə dönürdü, üzü də hansısa vəhşi quşun üzünü xatırlatmağa başlayırdı.
Quşun yox, şirin... Hə, anası yazanda şirə oxşayırdı.
...Ayağa qalxıb pəncərəyə yaxınlaşdı.
Axşam düşürdü. Bir azdan anası onun otağının qapısını azıb robotsayağa bir səslə:
- Yatmaq vaxtıdır. - deyəcəkdi və o, bu uzunsov, yarıqaranlıq otağında, boz timsahı xatırladan narahat divanında uzanıb tavana baxa-baxa, uzun müddət yuxusunun gəlməyini gözləyəcəkdi…
Yuxusu da anasıyla gələcəkdi...
…Anası yuxuda hərdən mehriban olurdu… Makinanın əvəzinə paltartikən maşını çaqqıldadıb ona bir ucdan çəhrayı, narıncı paltarlar tikirdi... sonra bu paltarları ona geyindirib qucağında oturdurdu, saçlarını sığallayırdı... anası saçlarını sığalladıqca, saçları tökülməyə başlayırdı… dizlərinə, döşəməyə tökülürdü, anasının əllərində qalırdı... onunsa qanı qaralmırdı, əksinə, yuxusu gəlirdi...

...Qapı cırıltıyla açıldı. Dəhlizin işığından bir parça içəri düşdü.
Gələn anasıydı. Əvvəl başını, sonra bədənini içəri salıb səssiz addımlarla ona yaxınlaşdı, başının üstündə dayanıb bir müddət yuxarıdan-aşağı dinib-danışmadan ona baxdı. Deyəsən, onun yatıb-yatmadığını dəqiqləşdirməyə çalışdı.
...Ürəyi qorxu içində çırpındısa da, gözlərini açmağa ürək eləmədi.
Anası bir müddət beləcə dayanıb dura-dura nəyisə gözlədi, sonra əyilib onun qulağına pıçıltıyla:
- Yenə güdürsən məni?.. - dedi.
...Qorxudan gözüyumulu başını yelləyib "yox" dedi. Onda anasının əli ağız-burnunu elə qapadı ki, boğulub dik atıldı...
Bayaqdan bura dönə-dönə yalnız bircə cümlə oxuya bildiyi Ədəbiyyat dərsliyi dizinin üstündən sürüşüb döşəməyə düşdü…
Yuxuya getmişmiş... Üşüdü, qollarını qoltuğuna soxub büzüşdü.
Qəfildən ağlına gələn fikirdən içi atıldı… Divandan sıçrayıb özünü dəhlizə atdı, anasının otağının qapısını aralayıb içəri boylandı...
Anası dəli gözlərlə nə isə yazırdı deyə, onun gəldiyini hiss etmədi.
Ürəklənib içəri keçdi, gəlib anasıyla üzbəüz dayandı.
Anası onu görən kimi gözünün içində nə isə söndü:
- Nədi?.. - deyib eynəyini saçlarına keçirdi və əsəbi üzüylə ona zilləndi.
Bir addım da qabağa yeriyib:
- Xəstələnmişəm. – dedi, sonra qollarını qoltuğuna soxub bayaqkı kimi «üşütdü.»
Anası köksünü ötürüb əlini onun alnına qoydu.
- Qızdırman yoxdu. - deyib bayaqkı sönük gözlərlə üzünə baxdı.
- Bəlkə ölçüm?..
- Lazım deyil.
- Onda demək qalxacaq.
- Qalxar, baxarıq. – anası dedi və elə bil dişini qıcadı.
...Başını aşağı salıb qapıya sarı yeridi, qapıya çatıb geriyə çöndü:
- Özümü pis hiss eləyirəm. Üşüyürəm, ürəyim bulanır. - dedi.
- Limon ye, isti geyin. – anası dedi. Daha doğrusu, bippildədi.
...Otaqdan çıxıb qapını örtdü. Balaca yumruqları düyünlənib sıxıldı.
Otağına qayıdıb pəncərənin laylarını taybatay açdı.
Pəncərənin qabağı sərçələrlə doluydu deyə, "prrr" eləyib havaya qalxdılar.
Yaz gəlsə də, havada qışın soyuqluğu hələ hiss olunurdu.
...Bir müddət beləcə, əynindəki nazik paltarda, soyuqqdan titrəyə-titrəyə, külək saçlarını qatıb qarışdıra-qarışdıra dayanıb qaldı…
Külək iliyinə yeridikcə, ikirləşdi ki, qoy xəstələnsin!.. Elə xəstələnsin ki, qızdırma ölçənin civəsi, şüşəsini çatladıb fəvvarə vursun!..
Ya bəlkə özünü burdan aşağı atsın?!.. Onda anası onun ardınca qışqırıb ağlaya-ağlaya, ayaqları bir-birinə dolaşa-dolaşa qaçıb gələcək...
Ya da bəlkə heç gəlməyəcək?!.. Aşağıdakı səs-küyə aşağı boylanıb köksünü ötürəcək, dünyadan bezmiş üzüylə pəncərəni bağlayıb, eynəyini gözünə keçirib dəli kimi yazmağına davam edəcəkdi?..
...Barmaqlarının ucuna qalxıb aşağı boylandı…
Başı elə hərləndi ki, ayağı büdrədi, az qaldı döşəmədən qırılıb onu başı üstə aşağı uçura...
Məhəccərdən yapışıb özünü zorla saxladı, pəncərəni bağlayıb ürəyi yerindən qopa-qopa yenə divana qayıtdı, orda bir küncə çəkilib büzüşdü.
...Pəncərənin qabağı yenə sərçələrlə dolu idi... Sərçələr anasının səhərlərlə bütün pəncərələrin məhəccərlərinə tökdüyü quru çörək qırıntılarına gəlirdilər, onları dənləyib başlarını şad-xürrəm bir çevikliklə o yan-bu yana çevirir, bir-birin üstündən atıla-atıla, elə bil ənzəli oynayırdılar. Hərdən bir də şüşənin o üzündən nöqtə gözləriylə dinməz-söyləməz ona zillənir, elə bil üzünə gülümsəyirdilər.
...Hər səhər anası yerindən qalxıb yuxulu, kal üzüylə birbaş mətbəxə gedirdi, ordan çörək qırığı götürüb bir-bir otaqları gəzirdi, pəncərələri açıb çörəyi ovurdu, sonra başını pəncərənin şüşəsinə söykəyib həmin o yuxulu üzüylə sərçələrin çörək qırıntılarını dənləmələrinə baxırdı.
...Sərçələrin dimdik səsləri, anasının makinasının çıqqıltılarına qarışmışdı…
Hiss elədi ki, əsəbilikdən nəəsi daralır... ayağa qalxıb ova çıxan kimi, ehmal addımlarla pəncərəyə yaxınlaşdı, dəstəyi ehtiyatla burub layın birinı açdı…
…Sərçələr lap yaxında idi… ona məhəl qoymadan, cükküldəyə-cükküldəyə atılıb düşürdülər…
...Əlini göz qırpımında məhəccərə atdı.
Sərçələr fəvvarə vurub havaya qalxdılar.
Ovcu boş deyildi. Sərçələrdən biri axır ki, keçmişdi əlinə.
Sərçənin isti, yumşaq bədəni ovcunun içini qıdıqladı, noxud başı oyuncaq hərəkətlərlə tərpəndi… quşcuğaz balaca, qara gözlərini üzünə zillədi və elə bil yenə gülümsədi...
Bədəni boyu dolanan qapqara, zəhərli acıq axıb sərçəni tutan ovcuna yığıldı… ovcu necə sıxıldısa, quşun balaca başı cansız halda geri qatlandı.
Sərçənin ölüsünü əlinin içində o üz-bu üzə çevirib baxdı.
Sərçənin bayaqkı təbəssümü hələ də üzündəydi. Odu ki, iki barmağıyla quşun başını, açarı buran kimi burub kökündən qopartdı, aparıb mətbəxdəki zibil qutusuna atdı.
Otağına qayıdanda hiss elədi ki, dizləri əsir. Divana oturub əllərinə baxdı.
Əlləri də əsirdi.
Çox keçmədi ki, atası gəldi. Atasının qanı yenə qara idi. Özü də deyəsən içmişdi. Tüklü üzüylə yanağından öpüb elə bil ləngər vurdu, sonra keçib həmişəki yerində, televizorla üzbəüzdəki kresloya əyləşdi.
...Gəlib atasının böyründə oturdu, başını onun sinəsinə söykədi. Atasının köynəyi elə bil nəm idi.
- Ev yaman soyuqdu. - atası dedi, sonra onun başından öpdü.
Atasından tər iyi gəlirdi...

...Səhər makinanın çıqqıltısı kəsmişdi. Televizorun da səsi gəlmirdi. Elə bil evdə heç kim yox idi.
...Yerindən qalxıb başmaqlarını geydi, gərnəşə-gərnəşə dəhlizə çıxdı.
Anasının otağının qapısını açıq görəndə təəccübləndi, içəri boylandı.
…Otaq elə bil dəyişmişdi. Makina yoxa çıxmışdı. Makinanın altındakı yazı masası da yerini dəyişib lazımsız əşya kimi bir küncə dirənmişdi. Anasının, saatlarla üzünə baxdığı güzgüsü də yox idi. Və ümumiyyətlə, otaqda anasına aid elə bil heç nə yox idi. Anasının kreslosu otağın ortasındaydı və orda indi atası oturmuşdu. Tüklü üzünü əliylə gizlədib siqaret çəkirdi, onun gəlişini hiss edib dikəldi. Onda gördü ki, atasının gözləri qıpqırmızıdı.
- O hara getdi?..
Atası çiyinlərini çəkib bədbəxt bir üzlə ona baxdı.
- Bilmirəm. - dedi, sonra ata-bala qucaqlaşıb bir müddət dərdli-dərdli yellənə-yellənə oturdular.
Pəncərənin qabağı sakit idi, sərçələrin səsi gəlmirdi…
Çönüb pəncərəyə baxdı və başa düşdü anası onları atıb hara getmişdi.
Gözləri doldu. Anası sərçələrlə getmişdi…



1990

11 комментариев:

  1. ATVde geden veriliwden derhal sonra internetde google-de axtariw verdim Afaq Mesud deye, ele ilk sehifedece sayt a4ildi,Ser4eleri oxdum,onsuz da verilishe yaridan baxmishdim,ama bu da bes elemishdi ki sozu geden bu eserleri necese tapib oxuyum,indi rahatca butun eserleri oxuya bileceyime chox sevinirem,saytda demey olar ki veriliwde adini ewitdiyim butun eserler var,mence daha maragsiz ke4en bow vaxtlarimi neye serf edeceyimi yaxsi bilirem,Ser4elerin tesuratini ise hele ki sozle ifade bilmirem,Size boyuk tewekkur

    ОтветитьУдалить
  2. Cox maraqlidi ki mehz men de ATV-de yayimlanan proqramdan sonra Afaq Mesud yaradiciligna maraq gostermeye basladim.Afaq xanimin cixisi o qeder xosuma geldi ki onun yaradiciligi ile maraqlanmaq qerarina geldim en esas da Serceler eseri boyuk maraq oyatdi mende.Afaq xanimda en sevdiyim xarakter ise guclu qadin olmasi oldu.Afaq xanima yaradiciliq ugurlari arzu edirem!

    ОтветитьУдалить
  3. demek ki her kes bir-birinden gizli ya da ashkar bu veriliwden sonra Afaq Mesud ismini interde axtarib.TV-nin ve yazici xanimin uguru:)Indi ise serceleri oxumaga bawlayiram.

    ОтветитьУдалить
  4. Afaq xanımın yaradıcılığılə, mənə ruhən yaxın, əziz müəllimim və Dostum Məryəm Əlizadənin vasitəçiliyi ilə 10-12 il bundan öncə tanış olmuşam.
    Afaq xanım, siz bizə lazımsınız. Tanrı sizi qorusun!

    ОтветитьУдалить
  5. muellimemim tovsiyyesi ile oxudum.....amma o verilisi de izlemek isterdim...

    ОтветитьУдалить
  6. refiqemin tovsiyesi ile bu hekayeni oxudum, amma nedense guclu teessurat almadim,deyesen ne anlam verdiyini yaxsi basa dusmedim...qadin xeyanete ugramisdi?

    ОтветитьУдалить
  7. Этот комментарий был удален автором.

    ОтветитьУдалить
  8. Cox tesirlendim ve aqladim. Uwaqliq heyatimla eyni idi. Saq olun.

    ОтветитьУдалить
  9. Men bu eserin yazilma meqsedini hec cure anlaya bilmedim.terbiyevi ehemiyyetde kesb elemir men's gormedim Afaq Mesud

    ОтветитьУдалить
    Ответы
    1. yeqin yashiniz cox azdir..ele eserler var ki,onlari derk etmek ucun olqunlashmaq lazimdir..gorunur siz olqunlashmamisiniz..

      Удалить