Ulus №5(376) 23 yanvar 2002-ci il
***
Mənim üçün ədəbiyyat Ərazidir
Bu ərazidə heç bir iyerarxiya qanunları işləmir.
– Sizin əsərləri oxuduqca, adama elə gəlir ki, Afaq xanım öz ədəbi taleyinə zülm etməklə məşğul olur...
– Zülm deyəndə siz nəyi nəzərdə tutursunuz? Əgər söhbət yazı prosesindən gedirsə, mən çox rahat yazıram. Hekayələrimin bir neçəsini, xüsusən ən məşhurlarını - «Sərçələr»i, «Gecə»ni, «Dovşanın ölümü»nü bir axşama yazmışam. Bu mənada deyə bilirəm ki, yazı prosesimdə mazoxizm yoxdur. Əgər bu «yaradıcılıq işgəncəsi» əsərlərdə, hardasa bədii materialın canında, obrazların yaşantılarında duyulursa, mənim özümdə bu, yoxdur. Hətta ən bioqrafik yazılarımda da. Əksinə, onları yazdıqca mən nə vaxtsa keçirdiym, yaxud «bətnimdə» gəzdirdiyim bir sıra ağrılarımdan azad oluram.
– Niyə qəhrəmanlarınızı bu qədər psixoloji labirintlərdə dolandırırsınız? Yoxsa bu, insan kontaklarının yeni forma axtarışıdır?
– Ümumiyyətlə, nədəsə, necəsə yenilik yaratmaqla məşğul olmamışam. Bu səbəbdən, ədəbiyyatda da hansısa məqsədyönlü novatorluqla məşğul deyiləm. Nə vaxtsa qarşıma yeni bir şey yaratmaq məqsədi qoyduğumu da xatırlamıram. Əsərlərimdə yeni görünənlər, yaxud yenilikçi təsiri bağışlayan məqamlar, ola bilər ki, qəbul edilmiş hansısa ədəbi normalardan, ənənəvilikdən kənar baxışlar, həddən ziyadə çılpaq, bir qədər «burxulmuş» duyumlarımdır. Obrazlarımı psixoloji labrinlərdə dolandırmağımda da, düşünürəm ki, elə bir yenilik yoxdur. Bu mənə qədər çox olub. Ən azı bununla Dostoyevski məşğul olub. Bu, sadəcə, mənim peşəmdir. Mən psixoloji nəsrlə məşğulam. Bu üslüb geniş oxucu kütləsi üçün bir o qədər də yüngül həzm oluna biləcək əsərlər yetirmir və ola bilsin, obrazıyla bir, hansısa qaranlıq labirintlərldə, mistik dəhlizlərdə dolaşan müəllif, kənardan iztirablar içində qovrulan insan təsiri bağışlayır. Lakin bu, belə deyil. Siz deyən o dərinliklər, yarıqaranlıq, yarıqapalı məxfi dalanlar, çoxdannan bəri temperaturuna öyrəşdim, özümü öz mənzilimdəki kimi rahat hiss etdiyim yerlərdi. Mən çox vaxt elə oralarda yaşayıram.
– Kamal Abdullanın təbirincə, ədəbiyyat əslində qadın kimi bir şeydir. Ona tez-tez məhəbbət izharında bulunanda, səndən qaçmağa başlaya bilər. Əksinə, sən uşaqlaşanda, sənə can atır. Afaq Məsudun yozumunda ədəbiyyatın «kişi» tərifi varmı?
Kamal bunu, ədəbiyyatı cins mənada qəbul etdiyi üçün deməyib. Sadəcə, ədəbiyyatın ecazkar İlham pərisinin təbiətini qadın şıltaqlığı ilə müqayisə edib. Kamal da bilir ki, yağışın, küləyin cinsi olmadığı kimi, ədəbiyyatın da cinsi yoxdur. O daha çox ilğıma bənzəyir və hərənin gözünə bir cür görünür. Mənim üçün Ədəbiyyat - ərazidir. Nə vaxtsa, hansı möcüzəyləsə doğulduğum bir Ərazi. Bu Ərazidə, Yer üzünün bütün ərazilərindən fərqli olaraq, heç bir iyerarxiya qanunları işləmir. Orda hökm verən də, icraçı da, satıcı da, alıcı da, stenoqrafçı da, yoldan ötən lal-kar da, mən özüməm. Orda çox şey var... Kafkanın «Hökm» -ündə atasının qəddar hökmü ilə özünü çaya atıb öldürmək üçün körpüyə tələsən Georq daim o Ərazidə körpüyə tərəf yol getməyindədi. O, orda bəzən o körpüyə çatırsa da, orda son nəfəsini dərib çaya atılırsa da, körpüyə sarı getdiyi o yoldan itmir. Mən, bu adamın Frans Kafka olduğunu bilirəm və onun, Reyn çayında faciəvi şəkildə öldükdən sonra yeni bir novella yazacağı da mənə məlumdu. Bəzən mən orda xəstə Kafkanın yazmağa başladığı yeni novellalarının havasını da duyuram və arada bir həmin o çayda Georqun əvəzinə özüm boğulub ölürəm. Bütün bunlar hamısı həmin Ərazidə baş verir. Oraların cod qanunlarına dözməyib bir-bir, altdan-altdan sivişib aradan çıxanlar da olur və orda onlardan qalan köhnə-kürüş xatirələr də var. Bu xatirələr, hardasa mənə də oxşayır...
– «Afaq Məsuddan çox şey gözləyirəm. Onun nəsr təsəvvürü yenidir.» Bu fikir, son günlərin səs-küyünə səbəb olmuş tənqidçi Vaqif Yusiflinin intervüsündəndir. Ümumiyyətlə, Afaq xanım kənardan tənqidçi gözləyirmi?
– Mən ümumiyyətlə, tənqidəçilərə böyük hörmətlə yanaşıram. Ən azı ona görə ki, atam tənqidçi olub və mən ədəbi tənqidin nə olduğunu gözəl bilirəm. Ağır, zehni və ruhi əziyyət, böyük səbr və zəhmətlə yaşayıb-yaradan bu peşə yiyələrinin nələrdən keçdiyinin əyani şahidi olmuşam. Hər səhər biz yuxudan oynayarkən, hardansa, atamın, dəhlizin aşağı başına açılan iş otağından btünü evə, ordan axıb bizim qapısı bağlı yataq otağımıza dolan qatı siqaret tüstüsü, bütün gecəni işləməkdən gözləri qan çəkmiş atamın üzünün qabiliyyət ifadəsi... mürəkkəb ləkələri taxtasının canına yerilmiş əntiq yazı masası... və sair və ilaxır. Vaqif Yusifliyə istedadlı bir tənqidçi kimi rəğbət duyuram. Mənim barəmdə bir vaxt yazdığı iri həcmli məqaləsi üçün də, yaradıcılığıma olan marağı və ümidləri üçün də minnətdaram. Peşəkar tənqidin rəyi mənim üçün həmişə maraqlıdır. Tənqid də, tərif də. Lakin hansısa rəyin, ən dəqiq və doğru təhlilin, yazılarıma hansısa mənada təsir göstərdiyini xatırlamıram.
– Gənc yazarlardan biri sizin feminist ideya və obrazlara özünəməxsus əlavələr etdiyinizi deyir. Özünüzü feminist sayırsınızmı?
– Ola bilsin, təbiətimdə və düşüncələrimdə qadın incəliyi, qadın zəifliyi çox azdır, bəlkə də yerli-dibli yoxdur. Ola bilər, mənim ədəbi qüvvəm qadın qüvvəsi deyil. Amma bu, o demək deyil ki, əgər bu güc qadın qüvvəsi deyilsə, demək, bu, mütləq kişi qüvvəsidir.
Feminist qadınlar o birilərdən, özlərini kişi cinsinə qarşı, kişilərdən qüvvətli, onlardan üstün və azad saymaqları ilə seçilməyə can atırlar. Mənim kişilərlə işim yoxdur. Feminist elementləri kimi qəbul edilənlər, daxili azadlığımın, duyğularımın səmimiliyi və çılpaqlığının, bayaq dediyim, qəbul edilmiş normativlərə uyuşmasından irəli gələ bilər. Və ümumiyyətlə, mənim feministliyə münasibətim müsbət deyil. Mən kişiləri qadınlardan xeyli ağıllı, istedadlı və güclü hesab edirəm. Qaldı ki, müəyyən fərdlər – Janna De Ark, madam De Stal, Marina Svetayeva, Marqaret Tetçer və digər bu kimi şəxsiyyətlər tək-tük olsalar da, əməlləri ilə dünyaları fəth etsələr də, bu böyük qadınların heç biri feminizm barədə düşünməyib. «Qadının böyük qüvvə» olduğunu sübut etməyin yolları heç də kişilərdən keçmir.
– İndi hər kəs meyarların deformasiyaya uğradığından gileylənir. Necə bilirsiz, ədəbiyyata qayıdış olacaqmı?
– Siz son illərin siyasiləşmə azarını nəzərdə tutursunuz, görünür. Ədəbiyyatın kütləvi sənət kimi qəbul edilməsi, bizlərə yaxın keçmişimizdən qalan miskin yadigarlardan biridir. Böyük ədəbiyyat bütün dövrlərdə olub, lakin nə Füzulinin, nə Servantesin, nə Kamyunun, nə də digərlərinin yaratdıqları əsərlər hansısa üzdə olan prosesləri, kütlələri, cəmiyyətləri idarə edən vasitələrə çevrilməyib. Biz, Ramiz Rövşən demişkən, «filoloji xalq» olduğumuzdan, siyasətçimizdən süpürgəçimizə kimi şeirlə böyüyüb boya-başa çatdığımız ədəbiyyatla nəfəs aldığımızdan, ən kədərli, ən uğursuz günlərimizdə, ən uğurlu, sevincli məqamlarımızda şerə, ədəbiyyata üz tutmuşuq, bu ələgəlməyən, fiziki gücü olmayan, bayaq dediyim ilğımvari prosesdən real kömək gözləmişik. Bu gün isə vəziyyət dəyişib. Ədəbiyyat öz «el ağsaqqalı» vəzifəsindən kənarlaşdırılıb, intizamlı, bəzən coşğun və həyatsevər müəllim obrazından çıxıb. Bu gün insanlar, ən kiçik məbləğdə nəğd pulun belə, yüz şeirin aerəcəyi həzinlik ovqatından qat-qat vacib və dəyərli olduğunu «anlayır.» Lakin bu, o demək deyil ki, bu gün ədəbiyyat yoxdur. Ədəbiyyat bu gün var. Lakin bu, həmin o siz deyən ədəbiyyat deyil. Dediyiniz o ədəbiyyata qayıdış olmayacaq. Böyük ədəbiyyatınsa cəmiyyətdə apardığı proses, yuxuların bizim düşüncəmizdə, ovqatımızda apardığı prosesə bənzəyir. Onun işi çox gizlində, bizim özümüzün də özümüzə məlum olmadığı ən məxfi, lakin həyatəhəmiyyətli nöqtələrimizdə gedir.
– Siz kütlə üçün yazmırsınız. Sizinçün stimul nədir?
– Mənim üçün stimul yoxdur. Mən, idarə işlərindən, məişətdən və uşaqlarımın problemlərindən azad olduğum məqamlar yazıram. Və bunun üçün xüsusi ovqat, yaxud ilham pərisi gözləmirəm. Mənim üçün yazı - daim əlimdə çıraq harasa aşağılara - özümə, içimin qaranlıq, sirli məkanlarına endiyim, burma pilləkənlərini, maraqdan nəfəsim itə-itə düşdüyüm sonsuz, sirli bir yoldur.
– Deyəsən, siyasət Sizi özünə cəlb eləmir? Ya bəlkə əlinizdən gələn iş deyil?..
– Bizim məmləkətin siyasi həyatı mənə həmişə qarmaqarışıqlıq dolu küçə həyatını xatırladır. Bu «küçədə» baş verənlərin, böyük mənada, insanlığa hes bir aidiyyatı olmadığından, mənə həmişə maraqsız və yorucu görünüb. Hər şey bu küçədə baş verirsə də, şəhərdə heç nə dəyişmir. Əlbəttə ki, bayaq dediyim həmin o ecazkar Ərazidən, bu hay-küyün, insanların, sərnişin və piyadadan savayı ayrı bir şeyə oxşamadığı qalma-qallı məkana düşmək istəməzdim.
– Teatrlarımızın repertuarında boşluqdu. Afaq xanım niyə teatrlarla işləmək istəmir?
– Səhnə qanunları ilə mənim yazı üslubum arasında uyuşmazlıqlar var. Teatr daha çox kütləviliyi sevir. Hadisələr, situasiyalar... Tamaşaçı, gözüylə gördüyündən, obrazların bir-birinə dediyi konkret sözlərdən, fikirlərdən nəticə çıxarır. Mənsə gizli işlərlə məşğulam. Bu sirləri səhnəyə gətirmək üçün görünür, nə isə tamamilə ayrı yollar axtarmaq lazımdı. Bunun üçün bəlkə də yeni bir teatr yaranmalıdı. İnsanın daxilində baş verənləri, onun ruhunun vəziyyətlərini, ovqatlarını, bir sözlə, insan atmosferini dialoqla, hadisəylə təsvir etmək, bunları görünən situasiyalara çevirmək - elə də asan iş deyil. «Duyğular imperiyası» da əslinə qalsa, elə burdan yaranıb. Dialoqla, hadisəylə ifadə oluna bilməyən, şüurun ixtiyarından kənarda, görünməz, ələgəlməz duyumlarla açılan məqamlar... Teatrla bağlı fikirləşirəm. Nə isə eləmək istəyirəm. Bu barədə müraciətlər çox olur. Mən, istədiyim tamaşanı yazmaq istəyirəm. Elə belə, müəllifi olduğum hansısa əsərin teatr repertuarına düşməsi xatirinə yox. Bu gün səhnələrimizdə gedən əsərlərə baxmaq, tamaşaçı üçün sözün əsl mənasında, iztirabdır. Mən onlara növbəti iztirabı vermək istəmirəm.
– Yəqin ki, nəyisə Sizə bəyəndirmək çox çətindir. Məsələn, çağdaş ədəbiyyatda əlinizi hansı əsərin üstə qoyub deyərsiniz ki, bu, yaxşı əsərdir?
– Çağdaş ədəbiyyatımızda maraqla oxuduğum şair, yazıçılar çoxdur. Çoxları mənim, adlarını mətbuatda tez-tez çəkdiyim Ramiz Rövşəndən və Vaqif Önərdən savayı heç kəsi bəyənmədiyimi düşünür. Lakin bu, belə deyil. Ramiz də, Vaqif də böyük şair olmaqlarıyla yanaşı, həm də mənim yaxın dostlarım, həmfikirlərimdir. Günaşırı görüşdüyüm, sözlərini, fikirlərini tez-tez eşitdiyim, əhvallarını bildiyim bu gözəl insanlar, istər-istəməz mənimlə bir mətnlərə düşür, müsahibələrdə, «Duyuğular»da xatırlanır. Lakin bu, o demək deyil ki, mən onlardan savayı heç kimi oxumuram.
– Əkrəm Əylisli ilə bağlı nə fikirləşirsiniz?
– Əkrəm Əylisli üçün darıxıram. Onunla, o, Bakıda olanda tez-tez görüşməsək də, bu tutumlu, daim sözlə, hisslə dolu, odlu-alovlu, baməzə adamın hardasa yaxınlıqda – şəhərin mərkəzi küçələrinin birində yaşadığını düşünəndə, məndə qəribə, yüngül bir ovqat yaranır. Əkrəmin, rahat bir axınla axan ən geniş proseslərin tən ortasından – dərin, iti suların arasından çıxıb axının əksinə üzən üzgüçü kimi daim başı ağrıyıb. O, bu başağrılarına artıq vərdiş edib. Elə vərdiş edib ki, hətta elə bil bunsuz yaşaya da bilmir. Bəzən onun qəsdən, «qan çıxmayan yerdən qan çıxardığının» şahidi olursan və bu qorxmaz adamın kütləvi qıcıqdan, yaxud nifrətdən, hətta həzz aldığını duyursan. Bəzən mənə elə gəlir ki, Əkrəmin bilə-bilə yaratdığı bu münaqişələr – küll halında nəhəng, mayasız xəmir kimi ətalət yuxusunda qıcqıran bu milləti hansı yolla olursa-olsun oyatmaq, səksəndirmək səyindən irəli gəlir. Əkrəmin bu sayaq gözlənilməzlikləri maraqlıdır. Rusiyada bu sayaq gözlənilməzliklər elə də nadir hal deyil. – «Danabaş kəndinin» sakinlərinin hələ də yaşadığı Azərbaycan üçün isə bu sayaq gözlənilməzliklər həyatın özü qədər əhəmiyyətli və zəruridir. İndi Əkrəmlə bağlı, sözsüz ki, böyük bir boşluq hiss olunur. Bunu bir qism adamlar da hiss edir. Kütlə üçün isə Əkrəm xiffəti bəlkə də yoxdur...
– Şübhəsiz ki, yaradıcılıqla məşğul olan hər kəs hansısa məqsədə çatmağa çalışır. Sizin üçün son ədəbi göstərici nə olacaq?
– Son barədə kim nə deyə bilər ki?
– Sonda ənənəvi sual: hazırda nə üzərində işləyirsiniz?
– Çox işlərlə məşğulam. Bir məqamda müxtəlif işlərlə məşğul olmaq, mənim xasiyyətimdi. Belədə mən özümü yaxşı hiss edirəm. Bir əlimlə roman yazıram, o biri əlimlə «Duyğular»ı, bu biriylə beynimdən keçən yeni fikirləri, təzə duyğuları bloknotuma qeyd edirəm, digəri ilə tərcümə edirəm və sair və ilaxır. Romanla bağlı məsələlər daha qəlizdir. Vaxtımı və gücümü ən çox o alır. Bu, «Azadlığ»ın davamıdır. Lakin burdakı azadlıq axtarışında mistika daha çoxdur. Ümumiyyətlə, mən mistikanı çox sevirəm. Cansız əşyalar və yuxular, insan ruhunun virtuoz imkanları, dünyanın maddi və qeyri-maddi tərəfləri... bu tərəflərin arasında azmış çaşqın insanlar...
Deyəsən, bir az qorxulu çıxdı...
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:16
Комментариев нет:
Отправить комментарий