Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

30 Апрель 2008 г.

BEKAR



O biri otaqlardan taqqaturuq səsi gəlirdi. Deyəsən, anası evləri təmizləyirdi. Anası yarım saatdan çox evləri təmizlədi, döşəməni süpürdü, qabları yudu. Sonra gün çıxdı və anası harasa getdi.
Əvvəl bir-iki saat yerində o yan-bu yana fırlandı, sonra ayağa qalxıb barmaqlarının ucunda mətbəxə qaçdı. Orda özünə tələm-tələsik yaxmac düzəldib, soyuqdan titrəyə-titrəyə otağa qayıtdı, özünü isti yorğanın altına salıb, yaxmacı, tələm-tələsik yeməyə başladı. Yaxmac, hər dişləmdə ovulub xırda qırıntılarını boynuna, qollarına, yerinin içinə doldurdu. Yeyib qurtarandan sonra başını yorğanın altından çıxarıb dərindən nəfəs aldı və tavana baxmağa başladı.
Fikirləşdi ki, nə yaxşı ki, hələ tələbədi, nə yaxşı ki, belə asan fakültədə oxuyur, nə yaxşı ki, həftənin iki günü dərsi yoxdu, nə yaxşı ki, bu gün həmin o iki gündən biridi və nə yaxşı ki, bu iki günü istədiyi kimi keçirə bilər. İstədiyi qədər uzanıb, istədiyi şeylər haqqında fikirləşə bilər.
Gərnəşdi… Sonra qaşındı. Hər xırda hərəkətindən, bədəninə, yatağına dolan quru qırıntılar tərpəşib yerlərini dəyişdilər. Onlar yerlərini dəyişdikcə, onu qaşınma tutdu. Sonra uzun müddət tavana baxa-baxa fikirləşdi ki, indi əgər bu tavan açıq olsaydı, yəni tavanı, şəffaf şüşə layı əvəz eləsəydi, nec olardı?.. Sonra bunu təsəvvürünə də gətirdi. Necə yerində uzana-uzana, qaranlıq göyün üzünə səpilən ulduzlara baxır…
Ağ suvaqlı, kələ-kötür tavanı toz basdığından qəribə şəklə düşmüşdü. Alçaq təpəli ağ səhranı xatırladırdı. Diqqətlə baxanda, burda hətta dağlar da var idi. Dağların bəzi cizgiləri kölgələnmişdi, qaralmışdı. Sonra gözünü qıyıb bu mənzərəyə sanki uzqdan baxdı və ona elə gəldi ki, bu qəribə dağ-dərə heç də burda – onun yataq otağının tavanında yox, hardasa buralardan çox-çox uzaqlardadı. Özü də bu sirli «səhranın» həcmi tavanın həcmindən xeyli böyükdür, ucu-bucağı yoxdur. Özü də uzaqdadır. Məhz bu səbəbdən də nəhəng dağlar, dərin dərələr belə balaca görünür.
Sonra divara baxdı. Divar da hamar deyildi. Amma onu heç yerə oxşada bilmədi və fikirləşdi ki, görəsən niyə bütün tavanları, divarları və otaqları dördkünc tikirlər? Sağa baxırsan künc, sola baxırsan künc. Yuxarı künc, aşağı künc, hər tərəf xəttlər, düzbucaqlar, səliqəli haşiyələr… Nə qədər bu dörd küncü görmək olar?
Sonra tavanın və divarların künclərinə o qədər baxdı ki, ona elə gəldi başı da dördküncləşdi, gözləri də. Bax bu saat durub pəncərədən küçəyə baxsa, görər ki, orda da hər şey dördküncdü. Fikirləşdi ki, girdə olsaydı nə olardı görəsən? Girdə ev, dəyirmi şkaflar, dəyirmi çarpayılar… Axı bu qaranlıq, mənasız künc-bucaqlar kimə və nəyə lazımdı? Onsuz da künclərdən istifadə olunmur. Əgər hər otağın dörd küncünün sahəsini birləşdirsən və … o biri otaqların da künclərini bura qatsan, onda əməlli-başlı böyük bir otaq alınar. Birdə nəyə görə də girdə olmasın? Axı, çevrə, həcm etibarilə bütün kublardan və kvadratlardan, düzbucaqlardan və paralelipipetlərdən yığcamdı, az yer tutur.
Divarın o üzündən, qonşu mənzildən şıqqıltı səsləri eşidildi, sonra makinanı çaqqıldaimağa başladılar.
Qıçlarını qarnına yığıb başını yorğanın altına saldısa da, makinanın çıqqıltılarından xilas ola bilmədi. Fikir dağıldı... Sonra uzun müddət bütün həndəsi fiqurlar haqqında ayrı-ayrılıqda fikirləşməyə başladı. Fikirləşdi ki, bu fiqurları tapan adamın həyatı, Allah bilir, ənə qədər maraqsız olub. Bu maraqsız, ölü cizgiləri - iti bucaqları, yastı müstəviləri nə qədər görmək olar axı?.. Sonra təsəvvüründə öz yataq otağını, gah silindir, gah konus, gah da kurə şəklində canlandırıb otaqdakı əşyaların yerlərini dəyiş-düyüş elədi və bezdi. Sol böyrü üstə çönüb yarım saat da belə uzandı. Divarın o üzündəki adam kim idisə, yaman əsəbiydi, makinanın dillərini var gücüylə elə döyəcləyirdi, az qalırdı makinanı sındıra. Qonşu elə bil makinada dördəlli yazırdı. İki əli, iki ayağı ilə.
Fısıldayıb yorğanı üstündən atdı. Gərək qalxsın... getsin əlüzyuyanın qabağında dayansın, sonra sabunu əllərinin arasında fırlada-fırlada yuyunsun. Əllərini sabunla yuyanda əti ürpəşirdi. Bir dəfə bütün yuxunu əllərini sabunlamışdı. Sabunun köpüyü aşıb daşa-daşa hər yeri bürüyürdü. Sonra bütün o ağlığın, o çəkisiz köpüyün içində baxıb görürdü, sən demə, bayaqdan bəri əllərinin içində sürüşdürə-sürüşdürə fırlatdığı sən demə sabun yox, qurbağa imiş. Dərisi sürüşkən, yaşıl qurbağa. Anası da tərslikdən həmişə yaşıl sabunlar alırdı. O da hər gün yaşıl sabunları bir-bir əllərinin arasında fırlada-fırlada həmin o qürbağanı xatırlayırdı.
İndi də fikirləşdi ki, yenə əllərini yumalıdı, dəftər-kitabı qabağına töküb, ötüb-keçənləri bir-bir yadına salmalıydı. İmtahanlar lap burnunun ucundadı.
Əslində bu haqda fikirləşməkdən də bezmişdi. Dünən də, srağagün də elə bil bu haqda fikirləşmişdi. Amma, sonra bir şey eləmişdi, ya eləməmişdi?.. Yadına gəlmirdi.
Əlini divara dirədi. Dərindən nəfəs alıb ufuldadı. Sağa, sola dönməkdən başı gicəllənirdi, saçlarının dibi gicişirdi, başı ağrıyırdı. Odu ki, yenə kürəyi üstə uzanıb əllərini qarnının üstündə çarpazladı və fikirləşdi ki, görəsən üfüqi vəziyyətdə uzananda adamın bağırsaqları, öd kisəsi, mədəsi və sair nə vəziyyətdə olur? Sonra bu fikirdən niyəsə ürəyi bulandı. Gərnəşə-gərnəşə fikirləşdi ki, axı niyə ağlına belə axmaq şeylər gəlir, görəsən? Bekarçılıqdandı, nədəndi? Anası deyirdi ki. bekarçılıqdandı. Sonra bekarçılıq haqqında uzun-uzadı fikirləşdi. Bekarçılığın nədən yaranması barədə, hansı insanın bekarçılığa daha çox meylli olması barədə müxtəlif variantlar tapdı. Nəticəsi haqqında fikirləşib əsnədi və sol qulağının arxası qaşındı.
Həyətdən, zibil maşının səsi gəldi, sonra iki, ya üç kişi səsi nə barədəsə əsəbi-əsəbi mübahisə elədi. Sonra gurultu səsi gəldi və kişilər bərkdən-bərkdən güldülər. Fikirləşdi ki, bax, məsəl üçün bu kişilər əsəbiləşirlər, gülüşürlər, nəyisə hardansa hara boşaldırlar, işləyirlər. Amma görən onların biri, ömründə bircə dəfə olsun, onun kimi, beləcə heç hara tələsmədən, rahat uzana-uzana bekarçılığın yaranma səbəbləri barədə, yaxud ümumiyyətlə, bekarçılığın nə deyən şey olduğu barədə fikirləşibmi?..
…Qapıya açar saldılar. Anasının dəhlizə dolan ağır fısıltısından bildi ki, bazardan gəlir. Və yəqin ki, hər iki əli də doludu.
Anasının hər iki əli həqiqətən bazarlıqla dolu idi. Bunu o, yataq otağının dəhlizə açılan yarıaralı qapısınından gördü. Anası, içi mer-meyvə və tərəvəz dolu zənbillərin ağırlığından o yan-bu yana əyilə-əyilə mətbəxə getdi.
O, dəhlizdən ötən anasının əllərindən asılmış güllü zənbillərə baxdı və elə o dəqiqə gözəyarı təyin etdi ki, hər iki zənbilin çəkisi eynidi. Çünki, anası, zənbilləri daşıdıqca, sağ və sol çiyinlərinin səviyyəsi bərabər qalırdı, addımladıqca, taraz tərəzi kimi enib-qalxırdı.
Anası zənbillərlə bir mətbəxə keçdi, orda onları stolun üstünə qoyub nəfəsini dərdi. Elə dərdi ki, anasına ürəyi ağrıdı. Bu dəqiqə anasının ondan da, özündən də, o bərabər çəkili zənbillərdən də zəhləsi gedirdi. Bunu dəqiq bilirdi. Fikirləşdi ki, əslində, qapının açıldığını hiss edən kimi, heç olmasa, ayağa qalxıb zənbilləri onun əlindən almalıydı. Bəlkə onda anası nəfəsini belə dərməzdi və nə ondan, nə də özündən belə zəhləsi getməzdi.
Sonra fikirləşdi ki, bir tərəfdən baxanda, yaxşı elədi ki, gözə görünmədi. Anası onu alt tumanında görsəydi, lap əsəbiləşərdi ki, bu boyda oğlu ola-ola, bazara özü gedir. Sonra qəfildən ağlına gələn növbəti fikirdən pis oldu. Doğurdan da, axı niyə bazara o yox, anası gedir? Niyə yol verir ki, işdən yorğun-arğın çıxan anası birbaşa evə yox, bazara getsin, o növbəyə dursun, bu növbəni gözləsin, sonra da o qədər şeyi özünə yükləyib, ağırlığından əyilə-əyilə evə gəlsin? Uzağa niyə gedir, bax elə birinci mərtəbədəki qonşuları, çatmaqaş oğlan. Nə vaxt küçəyə çıxır, elə bir onu görür ki, çatmaqaş iki əli dolu nə isə evlərinə daşıyır. Gözü ayağının altını görmür.
Yox, belə olmaz. – fikirləşdi. - Sabahdan bazara özü gedəcək! Burda da çətin bir iş var? Bu da ali riyaziyyat deyil ki, başından tüstü çıxara.
Sonra bunu gözünün qabağına da gətirdi. Necə əllərində zənbil, bazara yollanır və elə o dəqiqə yadına, nə vaxtsa, bir neçə il bundan əvvəl bazara gedib bazarlıq eləməyi düşdü. O gün, yadına gəlir, hava bomboz bozarmışdı. Satıcı da hey deyinirdi. Əynindəki xalatı da deyinməkdən bozarmışdı, satdığı yumurtalar da… O gün, həmin o küləkli gün, yadına gəlir, əvvəl əti, sonra yumurtanı almışdısa da, sümüklü əti daranqıltıyla yumurtaların üstünə atıb, qəifldən dəyişən havanın soyuğundan titrədə-titrədə evə qaçmışdı. Yarıdan çoxu ətin altında əzilən yumurtaları görəndə anası, acı təəssüf ifadəsiylə ona baxmışdı və heç nə deməmişdi. O gündən sonra, yadına gəlir, düz bir həftə öskürmüşdü, gecələrsə, vahiməli boz yuxular görmüşdü.
Dərindən ah çəkib fikirləşdi ki, anası olsun ki, onu çox istəyir. Lap balaca olanda, yadına gəlir, qoltuqlarına ip də keçirərdi ki, gəzintiyə çıxanda, qaçıb uzağa gedə bilməsin. Olsun ki, itməyindən qorxurmuş. Onuncu sinifə qədər məktəbə də elə buna görə özü aparıb-gətiridi. Amma, indi… Əsnədi. Elə əsnədi ki, çənəsi şaqqıldadı. İndi anası elə bil əvvəlki deyil. Saatlarla onu evdə qoyub işə, ordan dükan-bazara gedirdi. Heç maraqlanmırdı da ki, o, acdı, toxdu, ölüb, sağdı. Sonra divara yenicə düşən namnazik gün şüasına Baxa-baxa fikirləşdi ki, bəlkə o, anasının yadından çıxıb? Anası tamam unudub ki, onun bu adda, bu familyada, bu boy-buxunda, bu sir-sifətdə bir oğlu da var?..
Qapıdan anasının yorğun başı göründü... Anasının başı ona görə yorğun görünürdü ki, saçları alnına, biri az da qulaqlarının üstünə dağılmışdı. Anasının yorğun başına baxıb fikirləşdi ki, yox, anası onu unutmayıb. Və nə yaxşı ki, unutmayıb.
Anası yorğun üzüylə ona yox, harasa ondan bir az aralıya baxa-baxa dedi ki, iclasa gedir, axşam da dərsi var. Xörək bişirməyə vaxt tapmadı, özünə yumurtadan-zaddan bişirib yesin. Anası bir də nə isə dedi, amma o, gərnəşdiyindən eşitmədi.
Anası sözünü deyib çəkildi və çox kemədi ki, dəhlizin aşağı başından çöl qapısının şıqqıltısı eşidildi. Çöl qapısı çırpılan kimi, üzbəüz divarda qaraqabaq, bığlı kişi kimi qaş-qabağını sallayan divar saatının çıqqıltıları eşidilməyə başladı.
Saatdan ümumiyyətlə zəhləsi gedirdi. Çünki bütün günü, fasiləsiz çıqqıldayırdı, bircə dəqiqə dayanmadan, işinə ara vermədən elə hey dəli kimi işləiyrdi. O, çıqqıldadıqca, balaca əqrəbləri də addımlayırdı. Bəzi vaxtlar isə, xüsusən səhərlər – bu bığlı saat, çarpayısının dirəndiyi divarın oüzündəki «əsəbi» qonşunun makinasıyla elə bil mübahisəyə girirdi. Bu deyirdi: «çıqçıq». O biri deyirdi: «çırıq-çıq». Ümumiyyətlə, axır vaxtlar özünü onda tutmuşdu ki, saatla bir otaqda olanda özünü pis hiss eləyir, çünki ona elə gəlirdi saat bütün günü ona baxıb nırçıldayır, kəfkirin əvəzinə, əlini yelləyir. Yəni «Ay-hay…» Lap əslinə qalsaydı, məmnuniyyətlə, anasının, ayda bir dəfə, sevə-sevə qurduğu bu yekəxana saatı divardan açıb düz həyətin ortasına vızıldadardı.
Neçə dəfə bunu anasına da demişdi. Demişdi ki, saatı onun otağından çıxarıb ayrı bir yerdən assın. Anası isə onun sözünü qulaqardına vururdu.
Ümumiyyətlə, anası ondan bezmişdi. – fikirləşdi. Anası, Allahın bu saatına, ondan çox diqqət ayırırdı. Onu vaxtı-vaxtında qururdu, şüşəsini təmizləyib parıldadırdı. Anası, ümumiyyətlə ondan çox, saatla hesablaşırdı. Saat nə çalırdı, anası oynayırdı. Kəfkirini hərlədib altı dəfə vuranda, anası yerindən qalxırdı, yeddi dəfə vuranda, evdən çıxırdı, səkkiz dəfə vuranda evə qayıdırdı. Saat işləyirdi, anası işləyirdi, anası işləyirdi, saat işləyirdi. Anası yuxuya qalanda, saat hay-küy salıb onu oyadırdı. Saat yatanda, anası əl-ayağa düşüb tez onu işə salırdı. Elə bil ikisi də bir idarənin işçiləri idilər.
Bəzən ona elə gəlirdi ki, anası saatı ondan çox isətyir. Çoxu bəlkə də elə buna görə saatı görməyə gözü yox idi. Neçə dəfə onun acığına, nə qədər özünü öldürüb zəngini vurmuşdusa da, bilərəkdən qalxıb dərsə getməmişdi.
…Qarnı quruldadı. Fikirləşdi ki, gərək əvvəl durub yaxşı-yaxşı yesin ki, sonra daha bir də bu məsələyə qayıtmasın. Sonra daha nə isə yadına düşdü və tez də yadından çıxdı. İçini çəkib yenə tavana baxmağa başladı.
Hava qaraldıqca, «dağlar», «dərələr» lap vahiməli görünürdülər. Bura gərək ki, bir də haranısa xatırladırdı. Ağ dağların zil qara kölgələri, qapqara dərələr… Hava qaraldıqca, «dərələr» qaralır, kölgələr, getdikcə dərinləşirdi… Hə, yadına düşdü. «Amerika» =urnalının son sayında, üz qabığında gördüyü, Ayın böyüdülmüş foto-şəklini xatırladı. Eynilə belə, qabarıq yerlərin bir tərəfi (gün düşən tərəfi) ağ, o biri tərəfi qatı qaranlıq, kölgə… Sonra fikirləşdi ki, görən bu tavanın şəklini bax burdan, beləcə çəkib sonra irildsən, Ayın səthinə oxşayar?.. Və hər iki əlini boru kimi yumurlayıb, tavanın kiçik bir hissəsinə baxmağa başladı. «Oxşayır…»
Bayaqdan bəri ayaqlarının altında fıshafısla yatan ağ, girdə pişik əsnəyib əl-qolunu dartışdırırdı. Sonra yenə, yatmaqdan isinən başını qarnının içində gizləyib yumurlandı. Belə yumurlananda, onu həmişə ağ papağa oxşadırdı. Onu başına qoy mağı gəlirdi. Onu başına qoysaydı, başı yumşalacaqdı, isinəcəkdi. Bir də pişik belə yumurlanıb yatanda, onu da yuxu tuturdu. O da başını qarnına soxub yumurlanmaq, ayılmadan, ayayğa qalxmadan, gecə-gündüz yatmaq istəyirdi. Ümumiyyətlə, pişiyin hərəkətlərini izləməkdən həzz alırdı. Yerişinə, oturuşuna, yuyunmağına baxmaqdan doymurdu. Həmişə də pişik gözünə sataşanda fikirləşdi ki, axı niyə adamlar bunlar kimi yumşaq və sakit deyillər?
Fikirləşdi ki, işdi, evlənsə, mütləq elə qız alacaq ki, hərəkətləri, baxışı, yerişi, elə üz-gözü də pişiyə oxşasın.
Qarnı yenə bu dəfə bərk quruldadı.
Hövsələsi daraldı, ayağa qalxıb başmaqlarını geydi və mətbəxə getdi.
Orda işığı yandırıb qazanları gəzdi. Qazanlar boş idi. Bir-bir qapaqlarını qaldırıb içlərinə boylandıqca, qazanların ondan utandığını necəsə hiss elədi. Sonuncunu açıb baxdı. Qazanın dibində ikicə noxud, qalmışdı, onlar da baş-başa verib dayanmışdılar.
Əllərini yumaqdan ötrü dəhlizə keçib o biri qapının qabağında dayandı. Bura hamam idi. Onun, hər gün ürəyi bulana-bulana yaşıl sabunları əritdiyi yer. Amma, vannada, isti suyun içində uzanmaqdan xoşu gəlirdi. Hər şeydən əvvəl ona görə ki, isti, yumşaq su, bədəninin hər tərəfini qucaqlayıb yumşaq-yumşaq sığallayırdı. Bir də ona görə ki, suyla dolu vannada çəkisini itirirdi, özünü tamam ayrı, qabarcıqıqvari məxluq hiss eləyirdi. Belədə, bütün bədəniylə, sinirləri və sümükləriylə suda əriyib mürgüləyə-mürgüləyə fikirləşirdi ki, kaş ki, şəhər akvarium kimi olaydı. Hamı və hər şey çəkisini itirib qabarcıq kimi yüngülləşəydi. Onda o hamı həmin o qabarcıq bədəniylə bazara, göz qırpında, çəkizis zənbilləri, suyun üstüylə üzdürə-üzdürə gedib gələrdi. İstəsəydi, lap anasını da kürəyinə alıb işə, ordan, ürəyi istəyən yerə aparardı.
Hamamın qapısı açılmadı. Qapının dəstəyindən ikiəlli yapışıb bu dəfə bərk itələdi. Qapı yenə açılmadı. Bu nə demək idi?..
Qapı bağlı idi. O tərəfdən – içəridən bağlı idi. Cəftə ilə.
Hiss elədi ki, başının tükləri biz-biz durdu. Bu, necə ola bilərdi?.. Evdə, ondan başqa heç kim olmaya-olmaya, hamama kim girə bilərdi axı?..
Qapını var gücü ilə, bu dəfə çiyniylə itlədəisə də, qapı yenə açılmadı. Qapını həqiqətən içəridən bağlamışdılar. İçəridə şübhəsiz kimsə vardı. Yoxsa, qapı o üzdən öz-özünə necə bağlana bilərdi?.. Axı nə vaxt, necə olub ki, evə kimsə girib? Olsun ki, o, yatağında uzanıb gicəllənən məqamlar özünü eyvanın qapısından içəri, ordan da hamama salıb. Amma nə məqsədlə?.. Əgər bu, oğrudursa, onda niyə gizlənib, nəyi gözləyir?.. Yox, əgər oğru deyilsə…
Bu fikirdən bir anın içində bədənini bumbuz soyuq tər basdı. Qapının dəstəyindən yapışıb var gücüylə sikələyə-silkələyə, bütün bədəniylə əsib titrəyə-titrəyə:
– Kimsən orda?.. E..ey!!! – deyə qışqırdısa da, qapının o üzündən cavab gəlmədi.
Qulağını qapıya dirəyib içəri diqqət kəsildi. İçəridə kimsə tövşüyürdü. Ya ona elə gəlirdi?.. Sonra elə bil səs kəsildi. Çiynini qapıya dirəyib yenə var gücü ilə itələmək istədisə də, dayandı. Fikirləşdi ki, bəlkə qapını bu üzdən möhkəm bağlayıb qonşuları çağırsın? Sonra ağlına o da gəldi ki, evdən çıxdığını eşitsə, içridəki çıxıb bu dəfə mənzilin qapısını bağlayar. Olsun ki, hamamda gizlənməyinin mənası da edə budu.
Çiynini qapıya dirəyib bir də var gücüylə itələdi. O tərəfdən də qapıya möhkəm söykənmişdilər. Özü də deyəsən, içəridəkinin çiyni heç də onunkundan zəif deyildi. Sonra o biri otaqda elə bil kimsə öskürdü. İçini çəkib hamamın qapısına sıxıldı. Bir anın içində ona elə gəldi ki, bütün qaranlıq otaqlar, dəhliz adamla doludu.
Dizləri boşaldı... mədəsində elə bil nə isə qırılıb isti-isti axdı. Elə bu vaxt nə oldusa, evin bütün su boruları guruldadı. Gurultu həm də elə bil onun içində çaxdı. Elə bil qarnı qorxub çığırdı.
Nəfəsini içinə sıxıb ehmal addımlarla öskürək səsi gələn otağa getdi.
Otağın qapısını açıb ehtiyatla içəri girdi…
Sağ tərəfdə bığıburma bir kişi divara qısılıb ona baxırdı. Fikirləşməyə macal tapmadı, yumruğu, özündən xəbərsiz, kişinin burnuna çırpıldı... əlinin kəsildiyini hiss edib işığı yandırdı.
Divar saatının şüşəsi sınmışdı... Bayaq qaranlıqda bığ saydığı qara, enli əqrəblər indi yuxarı tuşlanıb çatma qaşı xatırladırdı.
Bir müddət otağın ortasında dayanıb, əlinin qanını kəsməkdən ötrü yarasını burun yaylığıyla sıxa-sıxa, divardan, əzilmiş üzüylə ona zillənən saata baxdı, bir istədi onu divardan çıxarıb vəziyyətini yoxlaya, hamamdakı yadına düşdü deyə, tələsik dəhlizə çıxdı.
Hamamın qapısı, bayaqkı kimi, yenə bağlıydı… Gəlib qapının qabağında dayandı. Bayaqkı zərbədən sonra elə bil qorxusu keçmişdi.
Nə fikirləşdisə, mətbəxə keçib baltanı götürdü. qulpunu əlinin içində möhkəm-möhkəm sıxa-sıxa gəlib bağlı qapının qabağında dayandı. Baltanın dəstəyinin, əlinin içində xəmir kimi isinib yumşaldığını hiss etdi və bundan niyəsə bir az da ürəkləndi. Sonra bir-iki addım geri çəkilib özünü var gücüylə qapıya çırpdı və...
Qapı elə bil cırıldı... O, baltaqarışıq vannanın içinə yıxıldı. Dizləri vannanın iti künclərinə dəyib əzildi, balta əlindən sıçrayıb divara dəydi, divarı zədələyib çapıq qoydu. Bir müddət hamamın soyuq döşəməsində otura-otura, nə baş verdiyini anlamağa çalışdı…
İçəridə heç kəs yox idi… Bəs nə baş vermişdi?..
Ayağa qalxıb qapını örtmək istədi, örtə bilmədi. Əyilib, iş üzü görməyən nazik barmaqlarını qapının altına saldı. Qapının altına ilişib, onu açılıb-örtülməyə qoymayan balaca taxta parçasını çıxartdı, harasa kənara vızıldadıb vannanın qırağına əyləşdi.
Bu nə demək idi?.. Dəli olurdu yoxsa?.. Gözünü açandan gündə bəlkə yüz dəfə gördüyü adi əşyalar bu nə hoqqa idi, çıxarırdılar?..
Qalxıb qapının sınmış cəftəsinə baxdı, divardakı çapığa baxdı, sonra barmaqlarını sürütləyə-sürütləyə gedib «əngini əzdiyi» qədim divar saatına baxdı və bilmədi gülsün, ya ağlasın.
Yaralı əlinin qanı döşəməyə damcılaya-damcılaya gəlib yenə yatağına uzandı. O, uzanan kimi, yenə makinanı «sındırmağa başladılar».
Hiss elədi ki, yorulub. Qıçları, qolları təqatdən düşüb. Böyrü üstə çönüb ləzzətlə ufuldadı və nədənsə fikirləşdi ki, divarın o tayındakı əsəbi qonşu yəqin ki, onun düşdüyü bu vəziyyətə heç vaxt düşməzdi. Ən azı buna, onun makinası imkan verməzdi.
Başını balışın altına soxub fikirləşirdi ki, indi anası işdən gəlib saatı da, hamamın sınıq cəftəsini də görəcək. Hirslənəcək. Amma, ona heç nə deməyəcək.
Anası nədənsə axır vaxtlar ona heç nə demirdi. Elə bil zəhləsi gedirdi ondan.
Axı niyə zəhləsi gedirdi?.. Neyləmişdi? Bu vaxta kimi bir ziyanı dəymişdi ona? Yox! Bir pis hərəkətini görübmüşdü? Yox!
Anasının ondan zəhləsi getməyə heç bir əsası yox idi. – fikirləşdi və əlinin qanına baxıb, elə bil sakitləşdi. Sonra başını balışın altından çıxarıb pəncərəyə baxdı. Hava qaralırdı. Bir azdan yatmaq lazım gələcəkdi… Onunsa yuxusu gəlmirdi. Hər gecə yuxu dərmanı da atırdı. Axır vaxtlar onun də təsiri olmurdu. Gecələr yerinin içində vurnuxa-vurnuxa qalırdı. O qədər vurnuxurdu ki, döşəkağı burulub nərməmnazik qız kimi çarpayının ortasında qalırdı. Yuxuya heç cür gedə bilməyəndə, gözlərini qaranlıqda bir nöqtəyə zilləyib baxırdı. O qədər baxırdı ki, gözlərinin qapaqları yorulsun, bağlansın. Ya da gecəylə gündüzü səhv salırdı. Bütün günü yatıb, gecənin bir aləmi oyanırdı, məibəxin işığını yandırıb, orda hava işıqlananacan özünə yemək düzəldirdi, çay dəmləyirdi. Bir dəfə də axşam hava qaralanda durub elə bilmişdi ki, səhər tezdəndi. Tələm-tələsik geyinib qaça-qaça instituta getmişdi… Belə şeylər çox olurdu. Əvvəllər anası onun bu tərs-mayallaq yuxu re=imindən əsəbiləşirdi, deyinirdi. Amma sonra daha deyinmədi. Olsun ki, öyrəşdi.
Qapıya yenə açar salındı. Anası idi, işdən qayıdırdı. Qapı çırpıldı. Dəhlizin işığı yandı. Anası yenə alıb gətirdiyi nələrinsə cığaralarını xışıldada-xışıldada yataq otağına keçdi, orda öskürdü. Sonra onun otağının qabağından keçib hamama girdi. Pəncərənin şüşəsindən anasının, ancaq kürəyini görə bildi və kürəyinin əzələlərindən bildi ki, anası möhkəm yorulub.
Anası hamamda əl-üzünü yuyub, səssiz-səmirsiz otağına getdi. Deyəsən nə divardakı çapığı gördü, nə də qapının sınmış cəftəsini…
Qalxıb oturdu. Dizləri göynəyirdi.
Qonşu hələ də makinada dördəlli çalırdı.
Fikirləşdi ki, bun ə həyatdı o, yaşayır?.. Niyə o, hamı kimi deyil?.. Hamı işləyəndə o yatır, hamı yatanda, tavana baxır? Bu nə gündü, özünü salıb?..
Bunu fikirləşib bir istədi, anasının otağına keçib, bayaq başına gələnləri ona danışa. Deyə ki, onu çox istəyir. Bəlkə də ona görə, bu gün, heç vaxt ağlına belə gətirmədiyi, «qəhrəmanlıqlar» göstərib, əlini kəsib, dizlərini əzib… Sonra fikirləşdi ki, birdən anası inanmadı? Ya da gülməyi tutdu ki, evdə öz-özünə daş-divarla vuruşur? Axı doğurdan da gülməliydi?!..
Sonra qəfildən öz-özünə vahimələndi. Fikirləşdi ki, bəlkə dəli olub?!..
Ayağa qalxıb dəhlizdəki güzgünün qabağına dayandı, gözlərinin ağına, bəbəklərinin rənginə baxdı. Sonra çönüb anasının otağının qapısını açdı, əvvəl başını, sonra bədənini içəri salıb dondu.
Anası, başını çarpayının taxtasına söykəyib yatmışdı… Kəsik-kəsik xoruldayırdı.
Boğazını qəhər tutdu… Anasını heç vaxt belə gücsüz, belə zəif görməmişdi. Heç vaxt ağlına belə gətirməzdi ki, anası da yorula bilər, beləcə, balaca uşaq kimi, oturduğu yerdə yuxulaya bilər.
…Anası əllərini dizlərinin üstünə qoyub yatmışdı… Sağ əli bərk-bərk, indicə ayağından çıxardığı corabı sıxmışdı. Anasının əllərinin dərisi quruyub qırış bağlamışdı, ağır yüklər daşımaqdan, qab-qaşıq, paltar yumaqdan, barmaqlarının içi döyənəklə dolu idi.
Bir müddət qapının ağzında dayanıb dura-dura, anasının yatmağına tamaşa elədi. Anasının yatmağında, onun, mənasını başa düşmədiyi nə isə qeyri-adi bir şey vardı. Nə idi o?..
Bir neçə addım atıb anasının ayaqları altında çöməldi və anasına aşağıdan-yuxarı baxmağa başladı.
Burdan baxanda, anası hansısa qədim heykələ oxşayırdı.
Bir istədi, anasını qucaqlayıb əllərini, ayaqlarını öpsün, özünü saxladı. Anasını oyatmaq istəmədi. Başını ehmalca anasının ayaqlarına söykəyib fikirləşdi ki, kaş o da, heç olmasa, bircə saat anası kimi beləcə yata biləydi…

1978