Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


вторник, 2 июня 2009 г.

***525-ci qəzet
13 oktyabr 2004-cü il, çərşənbə


ŞƏFFAF TEATR

BU İLİN OKTYABR AYINDA AZƏRBAYCANIN
ƏN ÜNLÜ TEATRININ – «YUĞ» DÖVLƏT TEATRININ
15 YAŞI TAMAM OLUR

Akademik Milli Dram Teatrının nəhəng, dəbdəbəli binası arxasında, yoxuşa aparan çəlimsiz, dar bir küçədə, meyvə-tərəvəz yeşikləri, müxtəlif cür ev xırdavatı dükanları sırasında – kartof çürüntüsü və palçıq iyli hay-küylü bazar köşələri arasında səliqəli, ağ kostyumda, əlində çanta, gözündə eynək, acı taleyi ilə barışmış bakirə alimtək dayanıb duran bir teatrımız var – «Yuğ»...
Nə tamaşaçılarını geniş qonaqpərvərliklə qarşılamaq üçün təmtəraqlı artırması, nə afişalarını səxavətlə asmaq üçün gözdəyən afişa köşələri olmayan bu teatrın, bütün dəbdəbələrdən və təmtəraqlardan daha ucada duran öz dəbdəbəsi var: intellektual maarifçiliyin, ruhi saflığın təntənəsi.
Yuğ – ölkənin sırf ziyalı təbəqəsinin – filosof və riyyaziyyatçıların, parapsixoloq və rəssamların, fiziklərin, şair və yazıçıların, ən çox da proqressiv gəncliyin teatrıdır. Bu ilin oktyabrında teatr öz fəaliyyətinin 15 ilini tamamlayırsa da, ənənələri, artıq dayaqlaşmış daxili qanunları, təsir dairəsi baxımından, bu mədəniyyət ocağının qədimdən tarixə, ulu mövcudluğu malik olduğu duyulur.
İlk baxışda miniatür, kiçik təsiri bağışlayan bu teatr, cəmiyyətin mənən saflaşması, hansısa yeni, bərpaedici səmtə yönəlməsi, intelektual qavrayışın cilalanması istiqamətində böyük işlər görür. İllərlə, usanmadan, maddi və mənəvi maneələr qarşısında əyilmədən, büdrəmədən öz özəl siyasətini aparır. Özünə, tutduğu yola, seçdiyi əqidəsinə var gücü ilə inanır və arxalanır.
«Yuğ» - binasının və tamaşa zalının sahəsinə, truppasının sayına görə, bu gün Azərbaycanda fəaliyyət göstərən teatrların bəlkə də ən kiçifidir. Lakin, öz içində və ətrafında yaratdığı mühitə, insanlara və dünyaya təsir dalğasına görə, ən böyüyü, ən nüfuzlusudur.
Bu teatrı həm də dünya teatr mədəniyyəti aləmində özəl məktəb kimi də qəbud etmək olar. Aktiyorlara, teatrın digər yaradıcı və hətta texniki personalına, incəsənət təhsilli tələbələrə, habelə tamaşaçılara sirayət edən yüksək duyğu maarifçiliyi, özünəməxsus pedaqoji ənənələr məktəbi.
Bu gün «Yuğ»un, həm Azərbaycanda, həm də digər ölkələrdə fəaliyyət göstərən teatrlardan fərqli cəhətləri çoxdur. Bunun ən birincisi və ən əsası – teatrın, ümumən mədəniyyətə və daha çox şüuraltı proseslərə təsir etmək qabiliyyətidir. «Yuğ» təkcə yüksək sənət nümayiş etdirmir. O, həm də öyrədir, izah edir, başa salır, insanın ən qapalı, ən keçilməz gizli nöqtələrinə, daxili sirlərinə yol açır...
«Yuğ» həm də, digər teatrlara xas spesifik səhnə həyatından fərqli, şəffaf bir atmosferə – teatrlıqdan, sənət mühitindən olmayan qəribə, izaholunmaz bir bakirəliyə malikdir.
Bu şəffaflıq, bakirəlik, teatra qədəm qoyduğun ilk andan – teatrın foyesindən duyulmağa başlayır...
Məşhur «Teatr-asılqandan başlayır» ifadəsi burda bütövlüklə öz əksini tapır. Kiçik mənzil sahəsi həcmli, ağ sütunlu, səliqəli foye insanı, özünü hardasa məsul bir yerdə, hamının, onu hər yerdən yaxşı gördüyü gur işıqlı tənha bir meydanda hiss etməyə, bütün eyiblərinin və naqisliklərinin şəffaflaşdığı hansısa duru astanada duymağa kökləyir... Daha sonra tamaşa zalı gəlir... və burda tək bir özün olduğun, heç kimin, heç bir köməkçi əlin, ya sözün, ya maneə ola biləcək hansısa baxışın sənə yetmədiyi bir yerə, çölün ab-havasından, zaman və məkan baxımından tam fərqli, izaholunmaz bir Əraziyə düşürsən... Qəribə olanı odur ki, həmin bu fərqli atmosfer bu zalda, ümumən teatrın binasında, tamaşa bitdikdən sonra da yaşamağına davam edir və birbaşa ruha, duyğulara hopan, hansısa səsə, ecazkar nota, anlaşılmaz sədaya bənzər bu havanı hər kəs tamaşadan sonra özü ilə evinə aparır...
Bu, ilk növbədə teatrın banisi, bədii rəhbəri, bənzərsiz istedad sahibi Vaqif İbrahimoğlunun qələbəsidir. Sənətin sirayət gücü, yaddaşlara hopma davamlılığı, təsir dairəsi və ən ümdəsi – teatrallığın ən əzəli, əbədi ənənələrinə sadiq qalmaqla saflığın, şəffaflığın, yüksək mənəvi əxlaqi dəyərlərin qorunub saxlanılması...
Teatrın digər fərqi: illərdən bəri Azərbaycan səhnələrində görüb öyrəşdiyimiz, pis mənada teatrallığa varmağın, rola, obraza yox, hansısa ayrı şəklə düşmək saxtalığının, «gözyaşardan», süni intonasiyaların üstündən çalın-çarpaz xətt çəkib bədii fikri, duyğunu tamamilə yeni, daha yüksək sənətin kbməyi ilə – gəzilməmiş, ayaq basılmamış xam torpaqlarda yerimək prinsipi ilə çatdırması, səmimilik, məhrəmlik aşılayan yaxınlığı ilə səhnə və tamaşaçı arasında sərhədləri əritməsi, azad, sərhədsiz mühit yaratmasıdır...
Altmış damlıq tamaşaçı zalı, kiçik səhnəsi, qır bir nəfərdən ibarət truppası olan bu teatrın səhnəsində uzun illər boyu dünya ədəbiyyatının və dramaturgiyasının ən möhtəşəm müəlliflərinin – M.Füzulinin, V.Şekspirin, Firdovsinin, C.Məmmədquluzadənin, Xətainin, M.Ə.Sabirin, A.Çexovun, S.Ekzüperinin, F.Kafkanın, S.Bekketin, R.Desnosun və digərlərinin əsərləri oynanılır. Və məhz burda biz illər uzunu, əsərlərindən, haqqında ədəbi müntəxabatlarda, dərsliklərdə oxuduqlarımızdan tanıdığımız həmin bu müəllifləri yenidən və yenidən, tamamilə ayrı baxış bucaqlarından, tam yeni, müxtəlif temperaturlarda və ovqatlarda kəşf edirik, tamaşaların, mövzu və məzmun, rejissor və aktyor yanaşması baxımından fərdiliyi ilə, hadisələrə, insan problemlərinə sirli, incə münasibəti ilə, sərhədsizliyi ilə seçildiyinin şahidi oluruq.
Bu teatrda, onun yaranışından bəri qəbul olunmuş özəl qanunlardan – yüksək insani, azad sənət qanunlarından savayı hansısa digər qanunlar işləmir. Burda pyes üzərində iş də fərqli gedir. Tamaşaya qoyulacaq əsər aktyorlar və eləcə də tamaşa ilə əlaqəli olan yaradıcı personal tərəfindən az qala hərfi səviyyədə araşdırılır, zərgər dəqiqliyi ilə süzgəcdən keçirilir, aktyorlar arasında, obrazların qarşılıqlı münasibətləri təhlil edilir, nəzəri cəhətdən çözülüb sxemləşdirilir, əsərin canı, qayəsi, müəllif mövqeyi, dialoqların və hadisələrin alt qatları elmi-fəlsəfi aspektdə izlənilir... Bu mürəkkəb, elmi-nəzəri proses, buda – bu teatrda Bədii Sözə, Yaradıcı Duyğuya, Fikrə, bütövlükdə Sənətə çox ciddi, məsud, eyni zamanda hədsiz həssas yanaşma ənənəsinin yaşadığını bildirir ki, burda da teatrın təməlçisi, böyük rejissor-pedaqoq Vaqif İbrahimoğlu qələbə çalır.
Rejissorun, son illər ərzində Türkiyə, Estoniya teatrlarına, tamaşalara quruluş vermək məqsədilə dəvət alması və bu qabaqcıl dövlət teatrlarında böyük uğurla yüksək sənət nümayiş etdirməsi, onun sənətinə beynəlxalq valehlik, bu adın, illər ötdükcə nəinki Azərbaycanda, ölkəmizdən kənarlarda da örnəyə, məktəbə çevrildiyindən xəbər verirsə də bizdə bu sənətə ağlasığmaz biganəlik, «Yuğ»un, sıravi Azərbaycan teatrları sırasında qəbul olunması, görülən, istər keyfiyyət, istərsə də kəmiyyət baxımından sanballı yaradıcı işin bu günəcən dövlət diqqətindən kənarda qalması təəccüb doğurmaya bilmir.
Azərbaycan mədəniyyətinə tamamilə yeni hava, bənzərsiz estetik dəyərlər gətirən Vaqif İbrahimoğlu 30 illik fəaliyyəti müqabilində heç bir fəxri ada, titula layiq görülməsə də, tamaşalarını, maddi ehtiyaclar ucbatından geyim və dekorasiya ilə, aktyorlarını, müxtəlif mürəkkəb plastik fəndləri həyata keçirməkdən ötrü lazımi qida ilə təmin edə bilməsə də, öz işini, daim necəsə, hardansa qidaladığı böyük ruh yüksəkliyi ilə davam etdirməyindədir.
Yaxın günlərdə Estoniyanın «Uqala» Dövlət Teatrının paytaxt səhnəsində nümayiş etdirdiyi «Dekameron» tamaşası, rejisorun daha bir sehrini açdı... Eston dilində oynanılan «Dekameron» Azərbaycanda İbrahim oğlu həllində aydınca anlandı... Bokkaçoya məxsus ən ifrat pornoqrafik səhnələr öz virtuoz ifadəsini İbrahimoğlunun, kəpənək tozu incəliyində iti estetikası, sərrast nişanı ilə, ən qaragüruh tamaşaçı nəzərində belə öz bəraətini qazandı. Bu, tamaşanın, dünyanın bir çox ölkələrində böyük uğurla qarşılanmasının bəlkə də əsas məqamlarından biri, bəlkə də ən üzdə olanıdır.
Nəinki Azərbaycanda, yaxın qonşu ölkələrdə, habelə hər sahədə özümüzə meyar saydığımız incə intellekt məbədi hesab olunan qabaqcıl, zövqlü Avropada belə pərəstiş və heyrət doğuracaq bu teatrın varlığı ölkəmiz üçün elə belə, sıravi hadisə deyil. Bunu anlamaq üçün ölkə və ölkədənkənar teatrların tamaşalarına getmək kifayətdir. Və bu gün biz, tədricən, maddi baxımdan toxlaşan, lakin, mənən getdikcə iflasa uğrayan, bulanan, sönən cəmiyyətimizi sağalda, dirildə biləcək nəyinsə məhz, «nə qədər qəribə də olsa», yenə Sənət, Ədəbiyyat, Teatr olduğu ilə də hesablaşmaya bilmərik.
Əgər son qısa illər ərzində bir çox sosial reformasiyalar fonunda ciddi mənəvi deformasiyalara uğramış cəmiyyətimizi xəstəhal, ölü bədənə bənzətsək, «Yuğ»un – bu ölünü dirildə biləcək şəfalı, zəruri iksir – şüurları, duyğuları təmizləyəcək, saflaşdıracaq nadir mənbələrdən biri, bəlkə də ən ümdəsi olduğunu anlayarıq.
Bu gün, uğrunda çox çarpışdığımız, soyuq müharibələrlə döyüşdüyümüz itirilmiş torpaqlarımızla yanaşı, bəlkə ondan da vacib, daha ağrılı itkilərimizin – itirilmiş heysiyyətimizin, duyğularımızın, qədim yaddaşımızın bərpası barədə düşünməliyik... O səbəbdən ki, bizlərə, tarix boyu olduğu kimi bu gün də, ərazi genişliyindən və bütövlüyündən daha vacib genişliklər və bütövlüklər gərəkdir.
Mənən kasıb, ruhən ölü millətin ərazi genişliyindən, nə yazıq ki, qəlblər genişlənməz...

Комментариев нет:

Отправить комментарий