QU QUŞU
Məmməd tapançanın tətiyini çəkdi və atılmaq üçün hərlənib yerini tutan güllənin çırıqqıltısından niyəsə ürəyi düşdü. Güllənin yerini tutmağıyla, sol damağının axırıncı dişi elə göynədi, elə bil tapançanın içində hərlənən güllə öz yerinə yox, sol damağındakı dişinin kötüyünə oturdu.
Tapançanı arvadına uzadıb:
– Al, vur. – dedi.
Yerini dəyişib atılmağa hazır olan güllənin səsi, tapançanın ölüm rəngi, arvadının üzündəki dəmir ifadəni zərrə qədər yumşaltmadı. Arvadının rəngi, onun bu qəfil təklifindən də dəyişmədi, gözünün düz içinə baxa-baxa, bayaqkı sakit səslə:
– Mən niyə?.. – dedi. – Özün doldurmusan, özün də at.
Arvadının soyuq səsindən, yoxsa, dişinin, çənəsinin sol nahiyəsinə işləyib, ordan az qala ürəyinə yayılan ağrısından Məmməd, lüləsini başına sıxdığı tapançanı aşağı salıb bəbəyi böyüyən gözləriylə:
- Mən vura bilmirəm… – dedi və o biri əliylə göynərtisi get-gedə beyninə işləyən dişini tutdu.
Məmməd bu sözləri elə yazıq-yazıq dedi, elə bil bayaqdan özündən çıxıb kəkələyə-kəkələyə çığıran, arvadının üstünə atılıb onu boğmaq istəyən adam deyildi. Xəstə dişinin siniri də, bayaqkı nərədən oyanıb ağrımağa başlamışdı. Bayaq, nərə çəkib arvadının üstünə cumanda da, arvadının üzünün ifadəsi dəyişməmişdi. Arvadı indi də həmin üzlə ona baxırdı. Həmin soyuq səslə:
– Başa düşmürəm ölmək istəyən sənsən, mən?..
Arvadının səsi idi, yoxsa, əlinin içində saxlayıb isitdiyi tapançanın qara dəmirinin qoxusuydu, ya srağagün, bədəni əsə-əsə ploblatdırdığı ölü dişinin dadıydı, tədricən hansısa kimyəvi məhlulun tamıyla Məmmədin damağına yayıldı. Dünən, üzü ucuiti dişi andıran, ağ xalatlı, ağbaş diş həkimi sol damağındakı dişini qurdalayıb plomlaya-plomlaya :
– Ölü dişdi… – demişdi.
O sözdən sonra Məmməd, ağzının içində ölü daşıdığını bütün vücuduyla hiss etməyə başlamışdı. Bu, təxminən, bətnində ölü uşaq gəzdirməyə bənzər ətürpədən bir hal idi. Məmməd indi də bu «ölü körpəni» necəsə bətnində hiss elədi və bundan ürəyi pis-pis sıxıldı. Yanındakı çarpayıda çəhrayı gecəköynəyində uzanan arvadının boynuna, nazik, qara qaşlarına, lap dərinliyində qara qorxulu qığılcımlar közərən gözlərinə baxdıqca, ürəyinin sıxıntısı bulanmaya keçirdi. Bədənində zəhərlənmə gedirdi.
Arvadı yenə üzündəki sakit ifadəylə, gözünü qırpmadan, ona baxırdı. Elə baxırdı elə bil Məmmədin əlindəki, tətiyi çəkilmiş tapança yox, Məmmədin əlinin tapança şəklində davamıdı.
Sonra Məmməd, yataq otağının lay şüşəli qapısına baxıb fikirləşdi ki, bəlkə kəllə atıb başıyla bu şüşəni sındırsın, sındırıb baş-gözünü yarsın? Ya da otaqlara benzin töküb kibriti çəksin ki, arvadnın üzündəki bu ifadə axır ki, necəsə ərisin?!..
Nəfəsi təngiyə-təngiyə, tapançanı indi də arvadının alnına tuşlayıb:
– Onda səni öldürəcəyəm. – dedi.
Bu sözündən, elə bil arvadının bəbəkləri azca irildi, bir də elə bil dodağının bir tərəfi, yüngülcə səyirdi. Sonra nə oldusa, arvadı dəyişib bircə anın içində ölüyə döndü və ölü səslə:
– Öldür. – dedi.
Onda Məmməd beyninin hansı nöqtəsiyləsə bircə bunu başa düşdü ki, arvadının ölüsünü gülləylə öldürə bilməyəcək.
Arvadı bir müddət beləcə, ölü üzüylə ona baxıb yorğun-yorğun içini çəkdi:
- Nə qədər olar axı?! – deyib, yumşaq-yumşaq yerinin içində
qurcalandı, sonra divara sarı çevrilib, içi nifrət dolu sakit səslə:
- Yatanda işığı söndür… – dedi.
Bütün gecəni Məmmədin gözünə yuxu getmədi. Plomblu dişi göynəyə-göynəyə, yadına, anasını, nənəsini, bacılarını, gözünü dünyaya açandan bəri yaxından-uzaqdan tanıdığı qızları-qadınları saldısa da, onlarla arvadı arasında oxşar olan nə isə axtardısa da, heç nə tapa bilmədi və bundan bir az da yuxusu qaçdı. Sonra dişinin ağrısı sol gözünə vura-vura fikirləşdi ki, on beş il gecə-gündüz bir damın altında yaşayıb, bir yastığa baş qoyduğu, tikəsini böldüyü bu qadınabənzər məxluqda, zərrə qədər olsun, ona tanış, doğma olan nə isə yox idi. Nəinki doğmalıq, əslinə qalsa, heç yadlıq da yox idi. Məsələ burasındaydı ki… - həmişə Məmməd arvadıhaqqında fikirləşə-fikirləşə gəlib bu yerə çatanda, nəfəsinin təngidiyini, əllərinin soyuduğunu hiss edirdi. - …arvadının kim olduğunu o, hələ də bilə bilmirdi və burdan, Məmməd belə bir nəticəyə gəlirdi ki, arvadı, ümumiyyətlə, deyəsən adam deyildi...
Arvadının adam olmadığını, Məmməd ilk dəfə, hələ iki il bundan əvvəl, adi günlərin birində - arvadıyla mətbəxdə üzbəüz oturub çörək yeyen məqam necəsə hiss eləmişdi. Onda arvadı, hansısa mənasız bir mübahisədən əsəbləşib, qəfildən irilən qara bəbəkləriylə onun gözünün içinə necə baxmışdısa, Məmmədin qorxudan, ya nədənsə, ağzının içi sulanmışdı. O hadisədən sonra Məmməd özünü bir də onda tutmuşdu ki, arvadıyla təkbətək qalanda, gözünün içinə baxa bilmir. Bir dəfə arvadını, həmin o baxışlarının qorxusundan basıb döymüşdü də. Bir o yadına gəlir ki, arvadını çarpayıya yıxıb başını, soğanı əzə kimi əzdikcə, əlinin altında, arvadının başını yox, bədəninə üşütmə salıb, ağzını sulandıran qara, qorxunc bəbəklərini hiss eləmişdi və yumruğunu bərkidib, öz aləmində bu bəbklərin suyunu çıxara-çıxara dağıtmışdısa da, bir neçə gündən sonra onları əvvəlki vəziyyətdə – həmin inadkar nifrətlə ona zillənən yerdə tutmuşdu. Döyüləndən sonra arvadı bir neçə ay beyin tərpənməsindən yorğan-döşəyə düşmüşdüsə də, qara bəbəkləri, beyin silkələnməsindən tarazlığını itirmişdilərsə də, dərinliklərində gizlədikləri qatı nifrəti, olduğu miqdarında qoruyub saxlamışdılar. Və o gündən, Məmməd onu da başa düşmüşdü ki, arvadı, döyülməklə də adam olmayacaq.
Yerinin içində o yan-bu yana vurnuxmaqdan başı ağrıdı, sağ böyrü üstə çönüb, yuxusuzluqdan acışan gözləriylə arvadının yuxulu başına baxa-baxa gözünü yumdu, yuxuya getmək üçün ürəyində yüzdən birəcən saymağa başladı….və axır ki, necəsə yuxuya gedə bildi.
Yuxuda Məmməd hönkürə-hönkürə arvadını basdırırdı…
Arvadı üçün, hələ ölməmişdən əvvəl qəpik-qəpik yığıb öz zövqüylə düzəltdirdiyi qara mərmərdən büst, onun üzünün bütün gözəlliyini əks etdirirdi… Büst həddindən artıq yekəydi deyə, onu qəbrin üstünə kranla qoydular… Camaat nəhəng büstün ətrafına dolanıb aşağıdan-yuxarı heyrətlə baxdıqca, Məmmədin az qalırdı hönkürtüdən nəfəsi kəsilə… Adamlar başına yığılıb onu sakilləşdirirdilər, ölümlə bağlı nələrsə deyib, qayğılı üzlərlə təsəlli verirdilər və heç kim… heç kim Məmmədin bu acı hönkürtülərinin əsil səbəbini bilmirdi… və bilməyəcəkdi də… O dərdi Məmməd özü ilə qəbrə aparacaqdı…
Səhər Məmməd yuxudan oyananda tapança hələ də çarpayının yanındakı dolabçanın üstündəydi… Arvadı, işə getməmişdən otağı yığışdırmış, yatağını yığmış, üstündə tapança olan dolabçanın tozunu da almışdı. Tapançaya isə dəyməmişdi.
Tapançanı əlinə alıb o üz-büüzünə çevirdi. Tapança - gecədən tətiyi çəkilmiş vəziyyətdəydi. Gülləsini ovcuna salıb içini yoxladı. Sonra bir istədi tapançanı aparıb öz yerinə - dəhlizdəki divar şkafının yuxarı rəfinə ata, amma nə fikirləşdisə, yenə tətiyini çəkib əvvəlki vəziyyətində dolabçanın üstünə qoydu. Köynəyini geyinəndə, bütün gecəni ağrımaqdan şişib az qala damağına yerləşməyən dişinin dibində elə bil balaca ildırım çaxdı və Məmməd, yenə o «ucuiti» diş həkiminin yanına getməli olduğunu xatırladı.
***
Bir neçə saatdan sonra, ağ diş həkimi, əlində «çəngəl-bıçağı» az qala bütün bədəniylə ağzının içinə girəndə, Məmməd yenə arvadını öldürmək haqqında fikirləşirdi… Dişi göynəyib zoqquldadıqca, Məmmədin, özünə də, arvadına da yazığı gəlirdi. Həkim Məmmədin xəstə dişini qurdaladıqca, Məmməd, balışı arvadının ağzına basıb gücü gəldikcə sıxdı… arvadı bir müddət balışın altında ağ qu quşu kimi çırpınıb sonra əbədi sakitləşdi... Onda Məmməd, məsələnin nə yerdə olduğunu anlayıb, yastığı arvadının üzündən qaldırdı… və bu ağ boyunlu, gözəl qadına baxa-baxa, huşunu itirənəcən, hönkürüb ağladı…
Arvadının ölüsü də gözəl idi…
Bütün bu mənzərədən Məmmədin ürəyi necə əzildisə, gözləri doldu, bir cüt göz yaşı yanağı boyu süzülüb həkimin, dərman iyi verən əlinin üstünə töküldü.
Həkim başını qaldırıb təəccüblə Məmmədin üzünə baxdı, burnunun ucuna enən eynəyini biləyi ilə geriyə itələyib pərt üzüylə:
– Gərək ağrımasın axı… – dedi.
Diş həkiminin otağından çıxanda, Məmmədin bütün bədəni ağrıyırdı. Yeridikcə, ayaqlarının altı, baxdıqca gözlərinin içi, döyündükcə ürəyi, sol damağındakı xəstə dişi kimi sızım-sızım sızıldayırdı... Olsun ki, dişinin xəstə kökü çənəsinin altından dabanınacan, bütün bədəninə zoğ atmışdı.
…Külək qalxmışdı. Üzünü pencəyinin yaxalığında gizlədib küləyin müqavimətinə sinə gərə-gərə küçələrlə addımladı. Külək küçənin tozunu onsuz da ağrılı vücuduna çırpdıqca, bu səhər dolabçanın üstündə qoyub evdən çıxdığı tapançanı xatırladı və ürəyi pis-pis döyünə-döyünə fikirləşdi ki, bu nə oyundu çıxarır?!.. Neçə il bundan əvvəl tamamilə təsadüfən qara bazarda aldığı o tapança hardan gəlib yadına düşmüşdü?.. Arvadını öldürmək fikri hardan girmişdi beyninə?.. Əgər bu qadınabənzər məxluq onu istəmirdisə, niyə onu öldürməliydi?.. Özünü ölüyə sevdirəcəkdi, nədi?..
Külək qorxunc-qorxunc uğuldadıqca, Məmmədin yadına, dünən gecə güllə dolu tapançayla çıxardığı o əttökən «edam» tamaşası düşdü və xəcalətindən saçının dibinin gizildədiyini hiss etdi.
Yoldan ötən yöndəmsiz yük maşını, az qala burnunun ucundan ötə-ötə burulub çaxladı, pəncərəsindən boylanan əsəbi sürücünün səsi küçəni başına götürdü:
- A bala, ölmək istiyrsən, get, at özüvi dənizə də!.. Bizi niyə zibilə salırsan?..
Sürücünün üzünə key-key baxıb fikirləşdi ki, görünür arvadını hələ də sevir…
Tini burulub evlərinə sarı addımlaya-addımlaya, yadına, ötən həftə, uşaqlarını qorxudub ağlada-ağlada düzəltdiyi növbəti «edam» tamaşasından sonra arvadının, dünyadan bezmiş üzlə:
– Heç olmasa, tapançaya hörmət qoy… – deməyi düşdü.
O gündən tapança Məmmədin gözündən düşmüşdü.
Həyətlərinə çatanda, birdən-birə Məhəmmədin bədənindən vahiməli bir üşütmə keçdi. Külək vıyıldadıqca, dolabçanın üstündə, nəyisə gözləyən tək, səbrlə yatan tapança… arvadının ölü şəkli… sakit, soyuq yataq otağı, anlaşılmaz və qorxunc olan nədənsə xəbər verirdi...
Məmməd qapını öz açarlarıyla açdı.
Arvadının çəkmələri qapının ağzındaydı. Mətbəxdən, televizorun asta səsi eşidilirdi.
Dəhlizdə soyunub yavaşca yataq otağına keçdi. İşığı yandıranda, ürəyi qırıldı...
…Tapança, səhərki vəziyyətində - yenə dolabçanın üstündəydi… Arvadı işdən gəlib bu otaqda soyunmuşdu. Paltarını çarpayının üstünə, saatını, sırğalarını güzgünün qabağına atmışdı.
Arvadı eşitməsin deyə, ehmal addımlarla yaxınlaşıb tapançanı əlinə aldı, otağa göz gəzdirib gizləmək üçün yer axtardı...
– Nədi, lazım olmadı?..
…Arvadı yataq otağının qapısı ağzındaydı, bir əlini belinə vurub yorğun gözlərlə ona baxırdı...
Hiss elədi ki, pərtlikdən, ya qorxudan, əlində tutduğu tapançanı ehmal-ehmal sığallayır:
– Niyə ki?!..
Arvadı, üzündə, alçaldıcı, dağıdıcı istehza ifadəsi, çönüb mətbəxə sarı getdi.
Arvadının üzünün ifadəsindən, Məmmədin yenə sol damağındakı xəstə dişi göynədi. Həkimin sözləri qulağında səsləndi:
- Xəstə diş, əsəbiliyi sevmir.
Əsəbiliyindən, saçlarının dibi ilə yeriyən giziltini hiss edib tapançanı əvvəlki yerinə - dolabçanın üstünə qoydu.
***
Şam yeməyində arvadının üzü yenə yorğun və qayğılı idi. Çənəsinin həvəssiz-həvəssiz tərpənməyindən bilinirdi ki, yediyinin dadını bilmir. Arada bir, gözü televizorda, kiçik qızına:
– Asta-asta çeynə… – deyirdi.
Böyük qız, ağzındakıları səssiz-səssiz çeynəyə-çeynəyə, getdikcə giləsi daralan gözləriylə gah Məmmədin, gah da anasının üzünə baxırdı. Arvadı gözünü televizordan çəkmədən, uşağa:
– Nə var?.. – dedi.
Qız rəngi ağara-ağara çiyinlərini çəkib:
– Heç nə… – dedi, sonra oturduğu yerdə, qəfil sillə alan kimi, gözləri
doldu.
Məmməd isə həmin vaxt fikirləşdi ki, olsun ki, uşaqların da ağzına su gəldi. Sonra ağzındakını çeynədikcə, tikəsinin, getdikcə böyüdüyünü, bayaqdan, bir ucdan çəngəlləyib yediyinə baxmayaraq, nimçəsindəkilərin iki qat artdığını gördü… Çəngəli astaca süfrəyə qoyub ayağa qalxdı, yataq otağına keçib işığı yandırmadan, yerinə girdi…
Bir azdan arvadı yenə Məmmədin qüvvətli əllərində çabalayırdı…
Bir əlini arvadının, çini su dolçasının boğazı kimi şümal boynuna keçirib, o biri əlindəki ülgücü aramla dərisiylə sürüşdürürdü… Arvadının qaynar qanı qolları boyu axdıqca, Məmmədin gözündən, eyni qaynarlıqda yaş süzülürdü… arvadı, qanı bitib tükəndikcə, Məmmədin qolları arasında dilsiz-ağızsız qu quşu kimi çırpınırdı…
…Arvadı yataq otağının sakit qaranlığına daxil olanda, gecədən xeyli keçmişdi. İçəri girib işığı yandırdı, rəngi avazımış üzüylə dolabçanın üstündəki tapançaya baxa-baxa:
– Holdu, daha özünü öldürmürsən?.. – dedi.
Arvadı bunu deyəndə elə bil dodağının bir tərəfi səyirdi. Yoxsa, Məmmədin gözünə elə göründü?..
Olsun ki, ölə biləcəyi axır ki, azca da olsa, onu narahat eləyirdi. – Məmməd yuxulu başını balışın altına basa-basa fikirləşdi və bu fikirdən, ürəyini qəribə bir yüngüllük bürüdü.
Ya da olsun ki, bütün o gecə tamaşalarıyla arvadının zəhləsini tökmüşdü. – Məmməd, başı hələ də balışın altındr, ürəyi sıxıla-sıxıla fikirləşdi. Əgər ikincisiydisə, arvadı haqlı idi. İki gündən bir də edam olardı?!..
– Yaman narahatsan... – Məmməd başını balışın altından çıxarıb
əllərini başının altına qoydu.
Arvadı çəhrayı gecəköynəyini əyninə geyib yüngül addımlarla güzgünün qabağına keçdi, orda arxası Məmmədə dayanıb, ehmal hərəktlərlə saçlarını daraya-daraya:
– Narahat sənsən, mən yox. – dedi və Məmməd ömründə birinci dəfə hiss elədi ki, arvadının səsi əsir.
– Elə bilirsən ölməkdən qorxuram?.. – Məmməd dedi və hiss elədi ki, arvadının, «ölmək» sözündən bəbəkləri irildi.
Bu sözdən sonra Məmməd qalxıb yerinin içində oturdu, dolabçanın üstündəki tapançanı əlinə alıb, arvadının güzgüdəki əksinə baxa-baxa, əlinin içində oynatdı. Qara, soyuq lüləyini gah gicgahına, gah da arvadının güzgüdəki əksinə tuşladı və hiss etdi ki, tapancanın lüləyi gicgahına dirənəndə, arvadının gücgüdəki əksinin ona yazığı gəlir... Odu ki, tapançanın lüləyi gicgahında, bir müddət beləcə oturub qaldı…
Arvadının güzgüdəki əksi ona mərhəmət dolu gözlələ baxdıqca, Məmməd sağalırdı… içində tumurcuqlamağa, yarpaqlamağa başlayan nəyinsə təravətindən, boğazını qəhər tuturdu… gözləri dolurdu…
Tapançanın lüləyi gicgahında, arvadının əksinə baxa-baxa, bir anlıq fikirləşdi ki, bu səhər tapançanın içini boşaltmasaydı, arvadının, bu mərhəmət dolu üzünə baxa-baxa ölmək də olardı... Sonra Məmməd nə fikirləşdisə, barmağını tapançanın tətiyinə keçirib:
– Hə, nə deyirsən, atım? – dedi.
Arvadı elə bil Məmmədi eşitmədi, geriyə çönmədən, gözünün qarası böyüyüb ağını örtə-örtə, güzgüdən onun üzünə baxdı… qəfildən ölü şəklini alıb, dəmir səsiylə:
– At… – dedi, sonra qılınc kimi geriyə çönüb, saçları dalğalana-dalğalana, Məmmədin heç vaxt eşitmədiyi zabitəli kişi səsiylə :
– At dedim sənə!.. – dedi.
…Arvadının səsinin itiliyindən, ya ölü üzünün ifadəsindən, yoxsa sol damağında çaxan ildırımdan, Məmmədin əli əsdi, barmağı tətiyi tərpətdi və… beyninin içində açılan səslə bir, gözləri də, bir anın içində harasa itib yox oldu… enli kürəyi, bədəninin ağrılığını balışın üstünə saldı… ifadəsiz gözləri tavana zillənib qaldı…
Məmmədin qanı səssiz-səssiz balışa hopduqca, arvadı, ölü gözlərlə harasa kənara – bir hissəsi açıq pəncərədən görünən bomboş qaranlığa baxdı və yenə… Yenə yadına, neçə illər əvvəl, əri evə gəlməyən gecələr, həmin bu pəncərənin qabağında tək-tənha dayana-dayana, bayquş kimi ulamağı, o illərin, iyrənc qadınlarla dolu qorxulu yuxuları, yuxularında balaca, qəhvəyi bayquşa dönüb qaranlıq şəhərin üstü ilə, qısa, ağır qanadlarını çala-çala uçmağı və bir sıra daha ayrı ürəksıxan mənzərələr düşdü...
Göyün üzü, o gecələr kimi ulduzsuz, ağaclar ölü idi…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
9 Апрель 2008 г.
на 9:13
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий