Qəribədi ki, dostlar haqqında əsasən iki halda yazırıq. Yaşadıqları illərin sayı yuvarlaq rəqəmi alanda, yaxud, ölümlərindən sonra. Hər iki halda həyatımıza, taleyimizə daxil olan bu sevimli insanlara bir də yenidən, kənardan - gah uzaq illərin darısqal pəncərələrindən, gah bu günün acı reallığından baxmağa çalışırıq, yaşadıqları ömür kəsiyində nələri itirib, nələri qazandıqlarını, olsun ki, bu vaxtacan anlamadığımız daha hansı dəyərlər kəsb etdiklərini müəyyənləşdirməyə, onlarda bu vaxtacan görmədiklərimizi görməyə, duymadıqlarımızı duymağa cəhd edirik, uzun illərdən bəri az qala iliyinəcən tanıdığımız bu doğmalarımızı bir də yenidən kəşf etmək, yenidən sevmək istəyirik…
Bu gün mən az qala iyirmi ilə yaxın, ilk baxışda həddən ziyadə uzun, əslində isə qısametrajlı təsirli film kimi göz qırpımında ötüb keçən bir müddət ərzində tanıdığım, sevincini, ağrı-acısını bölüşdüyüm əziz bir dostumuzu - Zakir Fəxrimizi yenidən kəşf etməyə ehtiyac duydum.
Bu dostumun bu gün nə ad günüdü, nə ölüm günü. Üzümüzə gələn il tamamlanacaq 60 yaşına da hələ çox qalıb.
Saçlarının çallığına baxmayaraq, bu dostum yaxın günlərəcən heç əməlli başlı yaşa da dolmamışdı, xətrini əziz tutduğu qələm dostlarımızı yamsılayıb bizi güldürməkdən, özü demişkən «bezdarnikləri» adam arasında qəfildən pərt eləməkdən qəribə yeniyetmə zövqü alırdı. Lap bu yaxınlaracan o, Mərkəzə səhərin gözü açılmamış gəlir, dəhlizlərdəki zibil qutularının, bəzən yaddan çıxıb gecədən açıq qalan pəncərələrin vəziyyətindən, hər şeyin hər günkü qaydasında olduğundandan xəbər tutduqdan sonra Mərkəzlə üzbəüz səkidəki çayxanaya yön alır, orda dost-tanışla usanmaz bir həvəslə Fizulidən, sufilərdən danışa - danışa çay içir, Mərkəzin otaqları bir-bir dolduqca, tezdən alıb maşınında gizlədiyi bazarlığını - mövsüm üzrə seçib bəyəndiyi meyvələri, peçenye və konfetləri götürüb içəri keçir, aldıqlarını, uşaqları arasında bölüşdürən tək, otaqlar üzrə ədalətlə paylaşdırır, yalnız bundan sonra məmnun bir fınxırtıyla burnunu çəkib otağına keçirdi. Dəhlizlərdə əks-səda verən təntənəli gülüşü, qələbə dolu xırıltılı səsi hərdən kiminsə başına düşəndə də, özünü o yerə qoymur, sözü qəribə uşaq sadəlöhvlüyü ilə dəyişib:
- Balam, elə bil havada nə isə var axı?!.. - deyərək hamını üsulluca çaşdırırdı…
Uzun müddət şer yazmayan, bir vaxtlar yazdığı unudulmaz şerlərinin - «Qalmaz belə, qalmaz dünya»nın, «Qaytar ana, qaytar məni beşiyə»nin, hələ də layiqli qiymətini almayan şirəli qəzəllərinin havasında doyub, dost-tanışının, əqrəbanın dərd-səriylə yaşayan Zakiri hələ 2004-cü ildə - «Xəzər»in nəşri yenidən bərpa olunan dövrlər az qala döyə-döyə bədii tərcüməyə oturtduqsa da, tərcüməyə - soyuq, dərin okeana girən təki ehtiyatla daxil olan dostumuzun bir qədər sonra:
- Balam bu, mənlik döyül axı?!.. - deyib çevirilməsi qərara alınmış şer mətnlərini, uğursuz saziş sənədləri kimi geriyə qaytarmasından çaşıb qaldıq…
Bir müddətdən sonra isə, internetdə açıqlanan dünya poeziyası saytlarında axtarışlar aparmaq Zakirin, vaxtının ən böyük hissəsini ayırdığı sevimli məşğuliyyətinə çevrildi. Çox keçmədi ki, bədii tərcümənin hüdudsuz imkanlarından, dahiyanə dünya poeziyasından az qala sərxoş olan Zakiri, orijinal əvəzinə müraciət etməli olduğu rus mətnlərinin keyfiyyəti qane eləmədi və Zakir birbaşa orijinaldan dilimizə çevirtdirdiyi sətri tərcümələrlə işləməyə başladı.
Burda bizi heyrətə gətirən növbəti məqam - ömrü boyu milli ruhlu şerlər, qəzəllər yazan Zakirin dünya poeziya məkanından, dəryadan mirvari tək seçib bəyəndiyi şairlərin siyahısı oldu…. Alen Ginzberq, Riçard Oldinqton, Ezra Paund, Vislava Şimborska, Çeslav Miloş, Con Kits, Robert Frost, Pol Verlen, Uilyam Yits, Uolt Uitmen, Artür Rembo, Emil Verxarn, Georq Geym, Uilyam Batler, Qarsiya Lorka… Dünya poeziyasının, milli ruh anlayışının fövqündə yazıb yaradan bəşəri söz sahibləri. Üslubca, bədii ifadə imkanlarıyla, dünyaya baxış bucaqlarıyla, milli mənsubiyyətləri və yaşadıqları zaman kəsikləri ilə tam müxtəlif olan bu ədəbi korifeylər Zakirin parlaq tərcüməsində Azərbaycanda öz mühitini yaratdı, öz qəfil, şəfqətli müdaxiləsi ilə fikir və duyğu ərazimizi təzələdi.
Bədii tərcümə sahəsindən məlumatlı adamlar yaxşı bilirlər ki, Azərbaycanın mənəvi rifahı üçün zəruri əhəmiyyət kəsb edən bu nəhəng, ensiklopedik işi həyata keçirməkdən ötrü nə qədər maddi vəsait və ən əsası - nə boyda şairlər ordusu gərək idi. Yüksək bədii zövq, dəqiq ədəbi duyum, düzgün seçim, peşəkar ifadə qabiliyyəti və zərgər səbri tələb edən bu ağır prosesi bizim Zakir təkbaşına, zahirən «Xəzər»dən aldığı simvolik qəpik-quruşun hesabına, əslində isə ədəbiyyata, Sözə sadiq böyük şair qəlbinin ehtiyacıyla ərsəyə gətirdi.
***
1990 - cı ildə sevimli oğlu Sadığın dünyaya gəlişinə yazdığı «Xoş gəldin, dərdim, xoş gəldin…» şerindən sonra elə bil daha heç nə yazmayan Zakirin, həmin gündən bəri meylini tək bir bu dinməz, kürən uşağa saldığını görən bizlər bu şeri bir də 17 ildən sonra - Sadıq faciəvi halda dünyasını dəyişəndə xatırladıq… və zahirən bu dünyaya şad, kefçil adamın unikal intuitiv öncəgörməsindən sarsıldıq…
Göylərin yeddi qatından
Qəriblərin ovqatından
Qəmlərimin çatından
Keçib, sinəmə tuş gəldin
Xoş gəldin dərdim, xoş gəldin…
Yelkən oldun, üzdü gəmim
Çiçəklədi qüssəm, qəmim
Tumurcuqladı qələmim
Qaşsız baxtıma qaş gəldin
Xoş gəldin dərdim, xoş gəldin…
Gözündən yüz bulaq oydum
İçdikcə demədim doydum
Nizan - tərəziyə qoydum
Sevgimlə başa-baş gəldin
Xoş gəldin dərdim, xoş gəldin…
Üz tutdum Söz dərgahına
Od üçün köz dərgahıma…
Nədənsə öz dərgahıma
Qayıdıb əli boş gəldim
Xoş gəldin dərdim, xoş gəldin…
Şairin, həmin o faciədən bir neçə ay əvvəl qəfildən, anlaşılmaz bir niskillə bir - birinin ardınca yazdığı bir neçə şerinin də, məhz həmin bu öncəgörmənin gizli yanğısı olduğunu biz, yaddaşlardan silinməyəcək həmin o taleyüklü hadisə baş verəndə anladıq…
De hara getdin baş alıb?
Yerin, yurdun bilinmədi…
Gördüm ki, dünya boşalıb
Nəydi dərdin, bilinmədi…
Üzümü tutdum dağlara
Baxdım ki, dağlar kiçilib…
Quşlar qonmur budaqlara
Körpə budaqlar kiçilib…
Göz açdım ki, təklənmişəm
Səhrada azan kimiyəm.
Qəribliklə yüklənmişəm
Bir qərib Ozan kimiyəm.
Gördüm dörd yanı su basıb
Ha əlləşdim, keçəmmədim...
Bir az suzudum mən kasıb
Bir qurtum su içəmmədim.
Ağaclar quruyur, gördüm,
Çiynimə yarpaq tökülür…
Gözlərimin nuru itir
Gözümə torpaq tökülür…
Hara getdin, söylə hara?
Kürəklərim buz bağladı…
Gözlərimin suyu getdi
Bəbəklərim duz bağladı…
…Qarlı-çovğunlu, itkili-əzablı ömür yolunun hansısa uzaq döngəsində onu sakit, dərin quyu kimi gözləyən bu qaçılmaz dərdini Zakir əslində, elə bil lap çoxdannan görürdü. Yaddaşlardan hələ də silinməyən «Dustaqxanadan dustaqxanaya» romanı artıq çoxdannan bəri ədəbiyyatımızda hələ də öz sözünü deməyə, belə deyək, məqsədi olmayan gözəl nasirin olduğundan xəbər verirdisə də, romanın jurnalda çıxan bir hissəsindən sonra «Xəzər»in, Mərkəzin ünvanına yağan saysız-hesabsız oxucu məktubları da, ürəkgöynədən misralarının, uğurlu tərcümələrinin şəninə deyilən peşəkar rəylər və təriflər də elə bil Zakirə toxunmur, onda heç nəyi dəyişmirdi...
Zakirin şan - şöhrətə, məşhurluğa olan bu qəribə laqeyidliyi, uzun illərdən bəri dillər əzbəri olan şer və qəzəllərinin hələ də yiyəsiz müəllifin əsərləri kimi dağınıq halda, vaxtı ilə nəşr olunlduğu köhnə qəzet - curnalların saralmış səhifələrində qalması bu gün bir çoxlarını təəcübləndirir, bu qədim şair xislətli insanı, bu günümüzün məşhurluq azarından kükrəyən, əslində isə boş sözlər tozanağından qulaq tutulan Söz meydanını əlində süpürgə, sakit - sakit süpürən Füzuliyə bənzədir…
Zakir Fəxriyə nəsib olan bu səbr, bu nəcib təvaökarlıq, universal özünüifadə qabiliyyəti sözsüz ki, hər adama verilmir. Mənim bu əziz, sədaqətli dostuma qismət olan iztirablar və əzablarla dolu həyat yolu hər adama verilmədiyi kimi.
Böyük gəmiyə üzməyə dərin sular gərək. - deyərlər.
Zakirin dəryası dərindən dərin oldu…
***
- Mən Tanrının sevimlisiyəm. - olub-keçənlərdən, başına gələn hadisələrdən, unudulmaz dustaq həyatından, itkilərindən danışanda, Zakir sözünə mutləq belə başlayırdı - Bütün əzabları da ona görə verir mənə ki, Onu unutmayım.
…Zakir bu gün də belə deyir. Sevimli oğlunu - Sadığı itirəndən sonra yenə bu fikrində qalır.
- Görünür Sadığa hədsiz bağlanmağım xoş getmədi Ona. - deyir - Ona görə aldı onu məndən ki, fikrim Ondan yayınmasın. Sübh çağları, hava hələ işıqlanmamış eyvana çıxıb var səsimlə Onu çağırıram, «niyə bu qədər əzabı mənə verirsən?..» - deyirəm.
- Axı niyə məhz mənə?.. - deyib sual dolu gözlərlə üzümə baxır… mən susduqca, gözlərinin dərinliyindəki həyat sevgisi getdikcə, qəribə, müdrik həlimliklə əvəz olunur, nə deyəcəyimi gözləyir…
Mənsə martın 11- dən bu yana bütün dediklərimi və deyə biləcəklərimi ona demişəm artıq… Günah içində susuram. «Dustaqxanadan - dustaqxanaya» - da oxuduğum darısqal dustaq həyatının gizli qorxusu hələ də üz cizgilərinin künc-bucağından sızan yorğun üzünə baxdıqca, bu çıxılmaz məqamında onu ovuda biləcək bəlkə də yeganə adamı - Zakirin anasını - yaşı 80-ni haqlasa da, iri, ala gözləri, gənc, nakam qızın batdığı qəmli gölü andıran Ayna xalanı xatırlayıram…
…Zakir dinmədiyimi görüb bir müddət fikrə gedir, sonra pərt gözlərlə harasa kənara zillənib:
- Bilirsən, Sadığın ölümü niyə sizə mənim qədər təsir eləmir?.. Onu mənim qədər tanımamısınız axı?!.. - deyir.
Onu ovutmaqdan ötrü dünyanın puçluğundan, həyatın ötəriliyindən, insanı məhv edən maddi əzablarından danışıram, sufiləri yada salıram, çox sevdiyi İmam Həsən Bəsridən, Qəzalidən, Nəsəfidən misallar gətirirəm…
O mənə qulaq asıb-asıb elə bil bir qədər ovunur, sonra başını aşağı salıb hündür boyuyla ayağa qalxır, peşman addımlarla qapıya sarı yeriyir, otaqdan dinməz-söyləməz çıxıb ha yanasa gedir…
Mənsə onun, bu dərdiylə üzünü tutub gedə biləcəyi yerin olmadığını bilirəm. Ən çətin, çıxılmaz məqamlarında Mərkəzə - bizlərə sığınan Zakirin, bu topdağıtmaz dərdiylə əslində, heç hara getmədiyini, ayaqları vücudunu haralara da aparsa, özünün hardasa buralarda - Mərkəzin dəhlizlərində dolaşdığını bilirəm...
Bağışla bizi, Zakir… - ürəyimdə deyirəm - bu dünyada yenilməz dayağın bildiyin dostların da, sən demə, bərk ayaqda aciz imişlər. Allahın qarşısında hansı dostluqdan dəm vurmaq olar axı?!.. Deyirlər, qohumları Allah verir, dostları özümüz seçirik. Amma dostları da Allah verir, o da bir yerə qədər…
Sən demə, bölünən və bölünməyən dərdlər varmış… Bölünməyənləri artıq təkbaşına, yalnız özün özünlə bölmək güdrətin olmalıdı ki, o aralıqda sınmayasan, əzilməyəsən. Sən güclüsən, əyilməzsən. İtkinə sənin qədər yana bilmədiyimizin də səbəbini özün tapıb düzəltdin ki, bu çətin məqamında heç olmasa, bizləri itirməyəsən. Amma, bil ki, qəfil qar kimi başına yağan bu dərdin bizləri də ayırdı səndən. Anlayasan ki, əslində, Ondan savayı dostun yoxdu bu dünyada. Qüvvətli ol, əzizim, sənin ki, bundan sonra yaşamağa o boyda Səltənətin - yazılmış, yazılmamış misraların, ilahi duyğuların, ləzzət və inam dolu ağrıların var. Sən o ağrıları, o sonsuz ləzzəti özün özündə tapacaqsan… Böyük sufilər demişkən, dairə burda da qapanacaq və bütün böyük söz adamları kimi, sən də Özündə yuva quracaqsan, orda yaşayacaqsan və bu sonsuz, əbədi həyat yolunda daha heç bir ölüm, ayrılıq sənə rast olmayacaq. Bunu ki, özün də yazmısan:
Qopdum odumdan, közümdən,
Əllərim qopdu dizimdən
Bir az da qopdum özümdən
Bir az da gəldim yaxına…
Keçdim ilanlı yolları
Daşlı, tikanlı yolları
Bazar-dükanlı yolları…
Bir az da gəldim yaxına…
Bir az da qaçdım tamahdan
Nəfslə çəkdiyim ahdan…
Qurtuldum bir az günahdan
Bir az da gəldim yaxına…
Çiynimdən yükləri atdım
Hey üzdüm üzü axına…
Addım-addım gəlib çatdım
Bir az da gəldim yaxına…
Doğmaların döndü yada,
Evim oldu qərib ada…
Dolaşıb payi-piyada
Deyəsən düşdüm axına
Bir az da gəldim yaxına…
***
…İndi - Sadıqdan sonra bizim Zakir tamam ayrı bir Zakirdi. Səbrli, sakit, müdrik. İndi onun Mərkəzə nə vaxt gəlib - getdiyini də heç kim sezmir. Mərkəzin binasına nə vaxt daxil olur, nə vaxt dəhlizlərdən ötüşür, otağında necə bitir, sonra günün hansı vaxtı, su çəkilən tək, sakitcə çəkilib gedir…
İndi Zakirin mövsüm üzrə seçib bəyəndiyi meyvələrdən də qəm yağır…
Sadıqdan sonra Mərkəz də dəyişib. Sevimli dünya ədəbiyyatı bütün inciləriylə bir harasa uzaqlara sovuşub. Çoxdandı Mərkəzə, ədəbi nümunələr seçmək üçün saatlarla işlətdiyimiz internet haqqı da gəlmir.
İndi Mərkəz Zakirin böyük qəmini yaşayır…
İndi mənim bu sədaqətli, ürəyiyuxa dostum nə sağdı, nə ölü... O, nə gülən kimi gülə bilir, nə ağlayan kimi ağlaya...
…Yaxın günlər ad günümə yazı yazan Vaqif (Bayatlı) yazını mənə verib:
- İstədim Sadıqdan yazam, səndən yazdım…- deyir və qəribə bir tarazsızlığa düşür…
Vaqifin bu sözünü mən təbii qəbul edirəm. Çünki əslində, mən özüm də dəqiq bilmirəm, aramızdan gedən kimdi?.. Sadıq, Zakir, yoxsa mən?..
Комментариев нет:
Отправить комментарий