525-ci qəzet
23 dekabr 2003-cü il çərşənbə axşamı
Afaq Məsud: «Hər bir şeyin ruhu var, hətta şəhərlərin və kəndlərin də…»
B. Əliibəyli: «Duyğular imperiyası» silsiləsindən olan bədii, fəlsəfi-psixoloji izharlar son dövr yaradıcılığınızda önəmli yer tutur. Anar, Elçin, Kamil Vəli Nərimanoğlu da bədii düşüncələr yazır. Öz «imperiyanızla» onlar arasında hansı oxşar və fərqli cəhətləri görürsüz? Konsentrat cövhər halında olan düşüncələrinizdən xeylisi bütöv bədii əsərə mövzu ola biləcəyi halda, onları bir-iki abzaslıq yazıda «əritməklə» ciddi əsərlərinizi itirmirsiniz ki?
A. Məsud: Məncə bu gün iri həcmli romanları, bədii fikri, yaxud ideyanı dolayısı fəndlərlə təqdim edən uzun hekayələri oxumağa heç kimdə nə hövsələ, nə də vaxt yoxdu. Bir də, bu barədə dəfələrlə demişəm, müasir oxucu artıq süni bədiiləşdirməni sevmir, hər tərəfdən yorucu həyatından bezib əldən düşmüş bu insanları belə üsullarla «aldatmaq», əslində günahdı. O əvvələr idi, Tolstoyun, öz rahat, qayğısız həyatından darıxan ouxucuları bu dahiyanə, lakin darıxdırıcı romanlarda öz maraqsız günlərini, aylarını əridir, həyatlarının əksər hissəsini təşkil edən bu boşluqları, böyük yazıçının zəngin duyğu və fikir aləmiylə doldurur və bu səbəbdən, özlərini ona, bir növ, borclu hesab edirdilər. Bu gün isə oxucu yazıçıdan «təmiz söhbət» gözləyir. Yəni bədii janrların müxtəlif növünün köməyi ilə demək istədiklərimizin məğzini bilmək istəyir. Bu mənada, dediyiniz silsilələr, elə bilirəm, zamanın tələbidir.
Digər ədiblərin bədii düşüncələri ilə «Duyğuların» oxşar cəhətinə gələndə, bu yazılar qısa bölümlərlə yazıldığına görə bir-birinə çox bənzəyirlər və bu mənada onların oxşarlığı yalnız yazılma qaydasındadı. Fərqi isə, bu silsilələrin başlıqlarından göründüyü kimi, dediyiniz o yazıların, bədii düşüncə, «Duyğuların»sa çılpaq duyğular olmasındadır.
İnsansız təsəvvür edildikdə, bir o qədər də qorxunc görünməyən Cəhənnəm, yaxud, evinə daxil olub gözləri sənin üzündə, evin divarları boyu gəzişən, tavandan asılıb bir müddət də sənə yuxarıdan asıla-asıla baxan qonaqlar, onların, özlərindən sonra divarlarda, tavanda böcək tozuna bənzər toz izləri qoyması və sair, düşünülüb tapılmış fikirlər deyil. Nə qəribə və qeyri-ənənəvi olsa da, bu çılpaq duyğuların özüdü.
Markesin «Partriarxın payızı» romanı yaradıcılığınızda ciddi dönüşə səbəb oldu. Roman ahən-ruba kimi elə hey sizi özünə çəkir…
Bu, mistik bir əsərdir. Bu əsərin tərcümə prosesini indi də xatırlayanda özümdə həyat dolu, nikbin bir enerji duyuram. Hər cümləsi kitabın tam bir səhifəsini tutan bu nəhəng romanı, dil mürəkkəbliyinə, ifadə qəlizliklərinə baxmayaraq, böyük məmnuniyyətlə, demək olar, birnəfəsə tərcümə etmişəm. Yeri gəlmişkən, bu gün romanın oxucularına bir sirri də açım ki, romanın bir fəslini - səhv eləmirəmsə, dördüncü hissəni – bir müddət xəstə olduğumdan, Natiq Səfərov tərcümə edib.
Romandan sonra gəldiyim son nəticə isə budu ki, meşə qunduzu iyi qoxuyan, qocalığın, qurudub söndürmək istədiyi beyninin son işartılarını – sayıqlamanı xatırladan qırıq-qırıq, anlaqsız fikirlərini kağız parçalarına yazıb saray divarlarının söküklərində gizlədən bu qoca həqiqətən əbədi və diridi. Onu mən əsərin tərcüməsini bitirəndən sonra belə - Markesin qərarı ilə buzlaqlı, qasırğalı ölüm yoluyla Ölümə qovuşduqdan sonra da, hardasa lap yaxınlığımda hiss edir və bundan anlaşılmaz bir enerji alıram. Əsər boyu cərəyan edən bütün hadisələrdə necəsə, nəyi iləsə var olan bu məzəli, müdrik qocanın, dünya durduqca duracağının, göylərdəki ulduz bürclərinin yerinin dəyişməsinin belə onu öz mübariz, maraqlı ömrünü davam etdirməsinə mane ola bilməməsinin tam yəqinliyi, elə bilirəm, xalqının boğazına xalta kimi keçən bu diktatorun, artıq yaşadığımız real dünyanın əbədi üzvünə çevrildiyinə işarədir. Dünya ədəbi tənqidinin, bu əsəri, Markesin ən zəif əsəri, Markesinsə, yaradıcılığının zirvəsi hesab etməsinin bir səbəbi də, olsun ki, burdan irəli gəlir.
«Prezident», «Dahi» hekayələrinin «Azadlıq» romanındakı baş qəhrəmanın protitipi – Azərbaycanın sabiq prezidenti Heydər Əliyev vəfat etdi. Azərbaycan üçün bu, nəhəng siyasətçinin, görkəmli tarixi şəxsiyyətin itkisidir. Afaq Məsud isə həm də neçə-neçə gələcək əsərinə mövzu ola biləcək nəhəng qəhrəmanını itirdi. H.Əliyevin yoxluğu sizin üçün hansı aspektdən daha ağırdır və o, xoşbəxt ya tragik şəxsiyyətdir?
Azərbaycan, Heydər Əliyevin ölümündən bura, qəribə, əbədiyyət havalı, hüzn və kədər dolu, həm də xalq üçün çox zəruri və düşündürücü bir həftəni yaşadı. Neçə illərdən bəri hay-küylü şouların, siyasi intriqaların axarında nəfəs dərmədən yaşayan insanlar bir həftəlik sükuta daldı. Düşünürəm ki, bu da qocaman prezidentimizn bizə son, ibrətli töhvəsi oldu.
Heydər Əliyevi, keçdiyi həyat yolu – şəxsi həyatı, ictimai-siyasi həyatda qazandığı uğurları baxımından, dünyanın bəlkə də ən xoşbəxt adamı hesab etmək olar. Lakin insan kimi, bu ölkəyə, xalqına sərf etdiyi o titanik enerjinin, istedadın əvəzinə qazandıqları baxımından, o, faciəvi şəxsiyyət idi. Sözsüz ki, o, xalqını sevirdi, ondan güc alırdı, insanları sevirdi, lakin onlara inanmırdı. Xırda, miskin xəyanətlərindən dönə-dönə məyus olan bu adamlara necə inanaydı axı?.. Onun bu daxili faciəsi «Azadlıq» romanında da öz əksini tapıb. Ömrünü, həyatını inanmadığı, xəyanətlərindən dönə-dönə yaralandığı balaca adamlara həsr edən, tənha General… Heydər Əliyevin məşhur elm və sənət adamları ilə, «görkəmlilərlə» görüşlərində şahidi olduğumuz gizli istehza, iti yumoru da burdan gəlirdi. Onu uzun-uzadı, «qarlı-çovğunlu» fasilələrdə rahatca unudan, yenidən hakimiyyətə qayıtdıqda isə, «sevgidən pərvazlanıb» başına dövrə vuran bu adamlara, doğrudan da, necə inanmaq olardı?..
Son müsahibələrindəki peşmançılığa bənzər qəribə bir təslim ovqatı bu daim tədbirli insanın nədəsə yanıldığından, ömrünü, gücünü sərf edib yaratdığının binövrəsinin deyəsən səhv ünvanda – «balaca, güləkli, qədirbilməz bir məmləkətdə» qurulduğundan elə bil məyus idi. Onun bu ovqatı da, nə qədər qəribə də olsa, romanda öz əksini tapıb.
Bu gün Heydər Əliyevsiz Azərbaycan – nə vaxtsa qurulub işə salınan, məzmunsuz bir mexanizmi xatırladır. Hər bir şeyin ruhu var. Hətta ölkələrin və şəhərlərin də. Azərbaycanın ruhu, hansı mənadasa, Heydər Əliyev idi. Azərbaycan sözsüz ki, bu nəhəng oğlundan sonra durduqca duracaq, hələ olsun ki, bundan da gözəl, firavan günlərini yaşayacaq. Lakin bu, daha ayrı Azərbaycan olacaq.
-Mərhum prezidentin dəfn törəmini izlədikdən sonra məndə belə qənaət yarandı ki siz «Azadlıqda» bu məqamlarla bağlı uzaqgörənlik etmisiniz.
Burda oxşar məqam – romanın sonunda, general nəhayət ki, tapdığı yeganə İnsanı – qoca psixiatoru itirdikdən sonra, əsər boyu aralarında boğulduğu, üzüldüyü adamların – yüksək rütbəli məmurların, nazir və dövlət müşavirlərinin təzim prosesində həbs edilməsi səhnəsidir. Həmin o səhnəni, biz bu gün prezidentin məzarı önündə də gördük.
Onlar yenə sıraya düzülmüşdülər, yenə növbə ilə, xırda, ehtiyatlı addımlarla ehtiramla yeriyir, indi də prezidentin məzarı qarşısında təzim edirdilər. Üzlərindəki ifadədə də dəyişiklik yox idi.
Ümumiyyətlə, 1995-ci ildə yazılmış bu romanda təsvir olunan bir çox məqamlar, sonradan ölkədə, prezidentin həyatında baş verənlərlə də üst-üstə düşdü. Prezidentin, ürək çatışmazlığından qısa müddətli ölüm halı keçirməsi, həyatında baş verən bir sıra əlamətar hadisələr, iqlimin, təbiətin reaksiyaları və s. Dekabr ayının ortaları olmasına baxmayaraq, küləkli Bakıda, prezidentin məzarı önünə düzülən şamları söndürə biləcək külək də qəribədi ki, səngimişdi.
YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi çağdaş nəsrlə bağlı “Proza-N” müsabiqəsi keçirdi. Müsabiqəyə təqdim olunan əsərlər münsif kimi rəy bildirmək üçün sizə də göndərilib. Orda hansı yazılar diqqətinizi çəkmişdi və bu sırada müsabiqədə mükafatlandırılan yazılar var idimi?..
Mükafatlandırmanın gedişatından, düzünü deyim ki, xəbərsizəm, amma onu eşitdim ki, müsabiqəyə təqdim olunan əsərlər internet oxucularının açıq səsverməsinə əsasən qiymətləndirilib. Mənə isə bir şey aydın olmadı. Əgər bu, internetə çıxarılacaq ictimai xarakterli, açıq müsabiqə idisə, onda peşəkar yazıçılardan münsiflər heyəti düzəltməyin nə yeri vardı?.. Bu, müsabiqəyə ictimaiyyətin diqqətini cəlb etməkdən ötrü idi, yoxsa tanınmış yazıçıların bədii zövqünün imtahanı idi, anlaya bilmədim.
Açığı, bu müsabiqədən sonra bir daha heç bir müsabiqədə münsif qismində iştirak etməyəcəyimi qərara aldım. Bu vaxta qədər mənə təklif olunan bir çox, ən yüksəkli səviyyəli belə müsabiqələrdən həmişə boyun qaçırmışam. Buna nə vaxtım, nə də həvəsim olub. Bu dəfə Tehran Əlişanoğludan keçə bilmədim, ona böyük hörmətim vardı, sonra da anladım ki, səhv eləmişəm.
Yadımda, düzünü deyim, heç bir əsər qalmayıb. Ümumən bu hekayələrdən aldığım təəssürat qənaətbəxş deyil.
Bilirsiz, dünya ədəbiyyatına yeni bir proza gəlib. Mən “bu gün” deyəndə, son 10-15 ili nəzərdə tuturam. Bu, cəmiyyətin qəbul edilmiş əxlaqi-etik dəyərlərə üsyan xarakteri daşıyan, ictimai mühafizəkarlıq pərdələrini cəsarətlə yırtıb “hər şeyi öz adı ilə çağıran” yeni bir ədəbiyyatdır. Hər şeyi olduğu kimi yazan, bununla da ifrat azadlıq havası yaratmağa cəhd edən ədəbiyyat. Belə ədəbiyyatın artıq dünyada peşəkar səviyyəli bütöv bir nəsli də mövcuddur. Belə yazıçılardan biri də məşhur amerikalı Henri Millerdir. Lakin, bizim “üsyankar” prozadan fərqli olaraq, bu yetkin ədəbiyyatı oxuyanda, burda həmin bu cəsarətin, açıq- saçıq səhnələrin, insan fiziologiyasının təfərrüatlarının əslində böyük mətləblərə, fikirlərə işlədiyinin şahidi olursan və bu səbəbdən, bu açıq-saçıqlıq burda oxucuda heç bir fiziolji ikrah doğurmur.
Bizim yenilikçi nəslimizin hekayələrində isə bu açıq-saçıqlığın, əsərin üstün cəhəti, özünəməxsusluğu, məziyyəti səviyyəsində təqdim edilməsi duyulur. Mən – gənclərmizin, əvvəlkilərə bənzəməyən, bütün yazılanlardan çox-çox fərqlənən, tamamilə yeni ədəbiyyat yaratmaq istəyini alqışlayıram, lakin tam səmimiyyətlə deyirəm: bu ədəbiyyatı, amerikalı Henri Miller də daxil olmaqla, qəbul etmirəm. Elə bilirəm, biz demokratik düşüncəli cəmiyyətdə yaşayırıq və hər kəsin fikir azadlığı hüququ var. “Münsiflər” deyilən sözün özü də, əslində, peşəkar fikir plüralizmi mənasını daşıyır.
Bir də mənim nəyisə bəyənməməyim - bu növ ədəbiyyatın üstündən xətt çəkilməsi demək deyil. Odur ki, bu qədər həyəcanlanmağa dəyməz.
Afaq Məsud xeyli müddət ictimai-siyasi mövqe baxımından neytrallığını qoruyub saxlamış və bu, ona sabit şəxs imici qazandırmışdı. 2003-cü il prezident seçkisi və 16 oktyabr hadisələrində isə mövqeyində birtərəfli qaydada kəskin manevr edərək iqtidarı müdafiə etdi. Nəticədə özü də kəskin hücumlarla üzləşdi. Mövqeyiniz, müxalif ovqatlı mətbuatda hallandırıldığı kimi, yeni prezidentin komandasında özünə yer etmək cəhdidir, yoxsa səmimidir?
- Bilirsiz, məni həmişə həyatda da, ədəbiyyatda da həddən ziyadə səmimilikdə günahlandırıblar. Keçirdiyim hisslərin, fikirlərimin necəsə gizlədilməsi, üstünün müəyyən mənada pərdələnməsinə, cəmiyyətdə rahat qəbul oluna biləcəyim, qoruyucu bir qata-qabığa ehtiyacım olduğumu dostlarım da, yaxınlarım da mənə dönə-dönə deyiblər. Mən sadəcə, səmimi olmamağı bacarmıram. Bu, mənim xislətimdir.
Son on beş ildə ölkəmizdə baş verən hakimiyyət dəyişkənliklərinə baxmayaraq, istənilən komandada, istənilən hakimiyyət eşalonunda hər hansı bir yeri qazanmaq üçün kifayət qədər imkanlarım da olub. Hakimiyyət zümrəsinin ən yüksək pillələrində fikirlərimi, şəxsiyyətimi anlayan, qiymətləndirməyi bacaran hissiyatlı, ağıllı insanlar həmişə olub və bu gün də var. Dediyiniz o yüksək postlara mən özüm hazır olmamışam. Elə indinin özündə də hazır deyiləm. Mən “hazırlıq” deyəndə, siyasiləşmiş, maddiləşmiş cəmiyyətimizin, mənə yad olan xüsusi davranış və düşüncə qəliblərinə yatmaq prosesini nəzərdə tuturam.
Yüksək postlara, məmurluğa, zahirən rahat, eyni zamanda insan ruhunu əzib, qaynadıb sterilizə edən vəzifə kürsülərinə aparan bu qorxunc yollarda mən ədəbiyyatda da, həyatda da insan azadlığını, daxili azadlıqları axtarmaqla məşğul olmuşam. Və elə bilirəm, düz də eləmişəm.
16 oktyabr hadisələrində yeni seçilmiş prezidentə münasibətim də tam səmimidir. Bu münasibəti o cür açıq şəkildə etiraf isə - atası uzaq bir ölkədə ölüm yatağında yatan, ölkədaxili vəziyyətin təhlükəli, taleyüklü bir məqamında siyasi meydanda öz nəcibliyi, ədəbi ilə tək-tənha qalan gənc bir azərbaycanlıya, öz yaşından xeyli müdrik və təmkinli bir insana kömək cəhdindən savayı ayrı bir şey deyildi.
Bu gün mən ölkə rəhbəri üçün tez-tez işlətdiyim “nəcib» ədəbli”, “mədəni” sözünü elə belə, söz xatirinə demirəm. Yaxın keçmişimizdəki hakimiyyət zümrələridə, yüksək insani keyfiyyətləri təmsil edəcək, lakin bu cəhətlərdən xali olan qorxunc və gülünc insan mənzərələrini çox gördük.
O ki, qaldı hücumlara, son dövrlər ölkənin ictimai-siyasi, mənəvi həyatında, mənim özümdə o qədər təsirli və həlledici proseslər gedib ki, artıq kənar təsirlərə və rəylərə yer qalmayıb. Bunu da böyük səmimiyyətlə deyirəm.
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:05
Комментариев нет:
Отправить комментарий