A Z A D L I Q
(roman)
ROMANI YAZMAĞIM BARƏDƏ
Romanın ilk üç fəsli üzərində iş qurtarmaq üzrəydi. Uzun müddətli fasiləsiz yazı rejimi məni yorub əldən salmışdı. Divarlar, bağlı qapılar artıq televizorun və küçə səslərinin, qonşu mənzillərdən axan hənirtilərin qabağını saxlaya bilmirdi. Binamızla üzbəüzdəki balaca səsyazma köşkündən qoşa gücləndirici ilə küçəyə yayılan «Xoçu umeret molodım...» mahnısı da bir yandan…
Əsərin son fəsilləri məni dünyanın ən səssiz, keçilməz laylarına saldıqca, ətrafın səs-küyü məkrli bir qəsdlə birə-on artıb çoxalır, nə yanvar ayının qar - çovğunu, nə televiziya kanallarının Axirət barədə yaydığı ətürpədən «yeniliklər» ətrafın bu xəstə aktivliyini səngidə bilmirdi. Yazını yarımçıq saxlamaq - sürətlə qaçan adamı yüyürdüyü yerdə dayandırıb, ağız-burnunu qapamaq qədər təhlükəli və öldürücü idi. Yeganə çıxış yolu qalırdı: Mərdakandakı bağ evimizə köçmək və işi orda davam etdirmək.
İlk əvvəl həftənin üç günü - cümə, şənbə və bazar günləri Mərdakandakı evdə - qızdırıcı sistemi olmayan, işıqları dəqiqədə bir sönən ikimərtəbəli bədheybət bir binada tənha qalmağı qərara aldığım üçün evdə mübahisə düşdü. Lakin, çox keçmədi ki, «evin içində barmaqlarının ucunda gəzməyi ilə belə fikirlərimin dağılmasına səbəb olan» yoldaşım axır ki, Mərdakana köçməyimə razılıq verdi. Amma orda tək yox, kiçik qızımla birgə qalmaq şərti ilə.
Beləliklə, yanvar ayının axırları mən kiçik qızımla birgə bir müddət küləklərin qorxunc-qorxunc uğuldadığı, gecələrlə qaranlıq otaqlarının hər küncündən əcaib səslərin eşidildiyi sakit və kimsəsiz evdə yaşamalı oldum.
Günlər anlaşılmaz sürətlə keçir, mən hər səhər yeməyindən sonra mətbəxin qapısını bağlayıb qaz plitəsinin gözlərinə güc verərək, özümə qapılır, əlimdə qələm, bir gözüm saatda sübhün açılmağıyla gecə qapanmaları arasında sirli yazı əraziləriylə sürətlə irəliləyir, nahar və şam yeməyində fasilə verib qızımla qısa, ötəri söhbətlərdən sonra dərin, qaranlıq sulara baş vuran tək, yenidən yazıya girişir, gecədən xeyli keçənə qədər işləyir, yazılı səhifələri səliqəylə üst-üstə yığır, şəhərdə bir aya bitirib başa çatdıracaqlarımı burda bir neçə saata əldə etdiyimdən gizli qürur duyurdum…
Balaca qızım gününün əksər hissəsini qarovulçunun komasında keçirir, saatlarla küləklər vıyıltısıyla dolu çılpaq ağacların arasında tək tənha gəzişir, küçə itləriylə oynayırdı.
Beləcə, əsərin dördüncü fəslini başa vurdum. Sonuncu - əsas fəsil qalırdı… Gözlərimin, yaddaşımın taqətsizliyini hiss etsəmsə də, işi yarıda saxlamaqla, mahiyyətini özüm də dərk etmədiyim bağışlanmaz səhvə yol verəcəyimi anlayırdım.
Günlərdən biri axşama yaxın göyün üzü qəfildən qaramtıl buludlarla örtüldü… hava qaraldıqca xırda-xırda qar çiləməyə başladı.
Dəniz tərəfdən əsən şiddətli xəzri damın dəmirlərini, pəncərə çərçivələrini qorxunc-qorunc əsdirməyə, qaranlıq yataq otağının ikigözlü çarpayısında böyrümə qısılan qızımı vahimələndirməyə başladısa da, şəhərə zəng vurub, kimsəsiz bağ evlərinin arasında, tufanlı dənizin ortasında tənha qayıq kimi çalxalanan bu soyuq evi tərk etmək fikrini beynimdən qovub çıxartdım. Bir qədər keçmişdi ki, ərim zəng vurdu və bizi şəhərə aparmaq üçün gəlməyə hazırlaşdığını dedisə də, mən işi yarımçıq qoya bilmədiyimi bildirib şəhərə qayıtmağa razılıq vermədim və biz bütün gecəni qucağıma qısılan qızımla birgə başlamaq üzrə olan qasırğanın qorxunc uğultuları altında yatdıq.
Gecədən xeyli keçmiş işıqlar söndü. İşıqlarla bir yataq otağımızı qızdıran elektrik sobası da sönüb soyudu.
- Mama… - uşağın soyuqdan, ya qorxudan xırıltılı səsi eşidildi.
- Hm.
- Yatmısan?..
Sözləri, ağzında qoz tutmuş kimi, deməyindən bildim ki, boğazı gəlib. Bütün günü çölün soyuğunda yaxası-başı açıq oynayıb gecələr pallı-paltarlı nəm yorğan-döşəkdə yatmağın axırı belə də olmalıydı.
Əlimi alnına toxundurdum. Azca istisi vardı.
- Yox, yatmamışam, nədi ki?..
- Eşidirsən?..
- Nəyi?..
- Səsləri.
- Hansı səsləri?
- O biri otaqda kimsə gəzir. - qızım dedi və başını yorğanın altında gizlədi.
Nəfəsimi saxlayıb o biri otağa qulaq kəsildim...
Səs-səmir gəlmirdi.
- Küləkdi, - dedim - qorxma, gözünü yum, yat.
- Mən qorxmuram. Deyirəm, sən qorxmursan ki?..
- Yox. - dedim, amma əslinə qalsa, qorxurdum. O biri otaqdan gələn hənirtilərdən çox, hər qış qar yağanda, qarovulçunun yuxusundan, çölün tufanından istifadə edib hasarın üstündən, pəncərələrin laxlaq tayından evlərə soxulan bağ oğrularından qorxurdum. Gecələr mətbəxin və artırmanın işığını da ondan ötrü yanılı qoyurdum ki, kənardan baxanda, evdə adam olduğunu başa düşüb bu tərəflərə hərlənməsinlər. İndi tərs kimi, işıqlar da sönmüşdü…
…Səhərin ala qaranlığında qapının əsəbi - əsəbi döyülməsinə ayıldım… Gələn yoldaşım idi. Saçları, bığları qar lopalarıyla dolu içəri girib salamsız-kalamsız, birbaş yataq otağına keçdi, uşağı yuxudan oyadıb dodaqlarını alnına toxundurdu, sonra çönüb əyri-əyri üzümə baxdı:
- Sənin bu yazıların hamımızın axırına çıxacaq. - dedi.
Şəhərə qayıtdıqca, bütün yolu ağlayırdım... Şəhərə həmin gün qədər nifrət elədiyim olmamışdı… Məni sirlər dolu sakit, əfsanəvi ərazidən, sintetik qoxulu, səs-küylü zavoda aparırdılar…
Ərimlə yolda mübahisə elədik və o bütün yolu gözlərinin altına günahlı, qaramtıl kölgələr çökə-çökə, dinməz-söyləməz sükanı elə sıxdı, elə bil onu iki yerə bölüb sındırmaq istəyirdi.
Mənsə, arxa oturacaqda yırğalana-yırğalana, gözüm yaşla dolub boşala-boşala fikirləşirdim ki, kaş ki, o, sükanı iki böləydi… Maşın da iki yerə bölünəydi… hər yarısı bir tərəfə gedəydi. Birində o - şəhərə, o birində mən - geriyə…
I FƏSİL
…Gecəki hadisədən sonra şəhərin havası qəfildən dəyişmişdi. Yazın məsum sifəti bir günün içində qeybə çəkilmiş, göyün üzü acı-acı bozarmış, təzə-təzə çırtlamağa başlayan tumurcuqların rəngi dönmüşdü. Səkilərin tozunu göyə sovuran külək, torpağın yaz qoxulu ətrini gözlənilmədən sivirib harasa aparmışdı.
Yazın dünənəcən bu şəhərdə olduğu elə bil adamların da yadından çıxmışdı. Dünənəcən küçələrdə, yaxası açıq, yüngül pencəklərdə gəzişənlərdən əlamət yox idi. Şəhərin mərkəzində, əsasən güc nazirlikləri və dövlət aparatı yerləşən məhəllələrdə ümumiyyətlə, gözə adam dəymirdi. Arada bir maşın yollarında, göy-sarı işıqlarını hərlədə-hərlədə əcayib səslər çıxaran polis maşınları görünür, tez də yoxa çıxırdı.
Evlərdə, idarələrdə, dükan-bazarda altdan-altdan, xımır-xımır bircə söhbət gedirdi: deyirdilər, bu gecə, şəhərdən uzaq kazarmada günahsız öldürülənlərə görə dövlət çevrilişi olacaqdı, hakimiyyətdə olan əldəqayırma iqtidar axır ki, devriləcəkdi…
Deyilənə görə, hərbi şəhərcikdə ölənlər - eyni qandan, eyni millətdən olan həmvətənlər idi. İqtidar tərəfindən gecə ilə gizlicə, şəhərdən uzaq kazarmaya göndərilən silahlı dəstə, deyilənə görə, dövlətin tabeçiliyindən çıxan N saylı hərbi hissəni tərksilah etmək məqsədi ilə qəfildən kazarmaya daxil olmuş, nəticədə qardaş qırğını törənmişdi. Deyirdilər, bu qanlı qiyamətdən təşvişə düşən hökümət üzvləri başlarını itirib hərəsi bir yana qaçmışdı. İtkin düşmüş iqtidar nümayəndələrini tapıb xalqın məhkəməsinə vermək üçün təcili surətdə komissiyavari dəstə seçilmiş və faciənin mahiyyətini aydınlaşdırmaq məqsədi ilə hadisə yerinə göndərilmişdi. Komissiyanın tərkibi - ağsaqqal yazıçılardan, alim və hüquqşünaslardan, təqaüdçü hərbiçilərdən, bir də bir dəstə televiziya jurnalistlərindən ibarət idi.
Günortaya yaxın parlamentin növbədənkənar təcili iclası çağırılmış, ölkədə yaranmış böhranın qarşısını almaq məqsədilə, Milli Məclisin üzvlərindən, hərbçilərdən və hüquqşünaslardan ibarət müvəqqəti rəhbərlik qərargahı yaradılmışdı.
Hakimiyyət kürsüsündə cəmi ikicə ilə davam gətirən iqtidarın fitnə fəsadından cana yığılmış camaatın isə ağzı yumulmaq bilmirdi… Əksəriyyətin fikri bu idi ki, onların axırı elə-belə də olmalıydi. Hakimiyyətə gələndən bəri ölkənin başına açdıqları oyunları yaranandan üzü bəri, nə bu məmləkətin daşı-torpağı görmüşdü, nə də adamları belə müsibətlər haqqında o biri məmləkətlərin tarix kitablarında oxumuşdular.
- Bu, nə idisə, görünməmiş lənət idi. - camaat danışırdı - Bir növ, taxıl zəmilərinə daraşıb hər yanı lüt-üryan qoyan cəyirtkə sürüsünün hücumunu andıran əcayib, əcayib olduğu qədər də qorxunc bir mənzərə idi… Çox güman ki, - deyirdilər - onların hamısını tutub dama basacaqdılar. Hələ ola bilsin, lap güllələyəcəkdilər.
- Əcəb də eləyəcəkdilər… - qadınlar deyirdi. Axı gör bir neçə illərdi, bu «millət fədailəri», «azadlıq aşiqləri» millətin ana-bacılarını ağladırdı, övladlarını yalın-çılpaq halda, dəqiq səmtini özləri də bilmədikləri müharibə bölgələrinə göndərib qırdırırdı?!..
- Bir dəfə camaatı, qanlı yanvar gecəsi həmin o lənətəgəlmiş «azadlıq» söz yazılmış bayraqlar altında evlərindən çıxarıb tankların altına saldılar. Dünən də bir ayrı cür qırdılar… silahı beyni qan cavanların əlinə verib qardaşı-qardaşa güllələtdilər. Müharibə də ki, bu tərəfdən… xalxın uşağını ət maşınından keçirən kimi, bir ucdan doğrayıb tökür...
- …Qəribə burasdı ki, özlərinə heç nə olmur. - camaat deyirdi - İki gündən bir bu başıpozuq adamlar döyüş bölgələrindən yayımlanan reportajlarda qanlı-qadalı barrikadalardan döyüşçülərlə çiyin-çiyinə dayanıb müsahibələr verirdilərsə də, həmin o bölgə yarımca saatdan sonra düşmən bombaları altında darmadağın edilirdisə də, ordan, bir nəfər belə olsun, salamat adam çıxmırdısa da, bunlara heç nə olmurdu. Bir müddətdən sonra yenə məlum olurdu ki, nə ölənlərin, nə də yaralanların arasında bunların bircəciyinin belə adı yoxdu.
- Ona görə ki, bu adamlar Allaha da lazım deyillər, bala... - qarılar deyirdi.
Amma xalqı necə gözbağlıcaya salmışdılarsa, hamıya elə gəlmişdi, dara düşən ölkəni, hüququ tapdanıb, mənəviyyatı illərlə təhqir olunan xalqı, düşdüyü bu dərin quyunun dibindən bu adamlar xilas edəcək.
- Qəribədi… - camaat danışırdı. - Axı bu, necə olmuşdu?!.. Üzlərini tanımadıqları, şəxsiyyətlərinə bələd olmadıqları, ölkənin hansı səmtindən hansı möcüzəylə pırtlayıb çıxdıqları məlum olmayan bu adamlar bu boyda millətin inam və etimadını nə vaxt və necə qazana bilmişdi?!..
- Əslində hər şey - naxələf ermənilərin, beş-on nəfər bunlar ağılda olanların yandırıb kül yağdırdığı meşədən başladı… - bir çoxu xatırlayırdı.
- Belə cəhənnəmə-gora qalaydı o meşəni... Hər şey elə onun badına getdi. Torpaqlar da, bığ yeri yenicə tərləməmiş cavanlar da.
- Belə bilsəydik, o meşəni gedib əvvəlcədən elə özümüz qırardıq, təki, bu heyvərələrin cənginə keçməyəydik. O cür meşələrdən azmı qırılıb?.. Qışın souqlarında odun əvəzinə azmı yandırılıb?!.. Noldu, bu vaxtacan nə o ağacların, nə o hektar-hektar yandırılıb külü göyə sovrulan meşələrin taleyi heç kimi maraqlandırmadı, qəfildən hamı təbiət aşiqi oldu?!..
- Meşə məsələsi bəhanə idi. - siyasətdən az-maz başı çıxanlar deyirdi. - Avam xalqı qıcıqlandırıb yerindən oynatmaq, ölkəyə qarışıqlıq salıb hakimiyyəti əldə etmək istəyən bir dəstə nankorun usta qurğusu idi. Bu da nəticəsi…
- Bir prezidentə imkan vermədilər işə girişsin. Prezidentlik andının içməyi ilə tətillərin başladığını bildirən ürəküzən fitlərinin işə düşməyi bir olurdu. Bəhanə də gah bu olurdu ki, ölkədə əcnəbi təhsilli məktəblərin sayı altdan-altdan artır və bu, bizim milli «mən» imizi təhlükə altına alır. Guya bu vaxtlaracan bunların milli «mən»i olmuşdu. Gah bəhanə bu olurdu ki, hansısa ölkənin hansı qəzetindəsə, millətin qeyrətinə toxunan məqalə nəşr edilib, amma satqın iqtidar buna biganədi. Bəli, yeddi gün - yeddə gecə bir dılğır məqaləyə görə bütün ölkə ölüm bataqlığına qərq olurdu, idarələrdə, məktəblərdə iş dayandırılır, çörək zavodları sobalarını söndürür, avtobus sürücüləri küsüb evlərində gizlənirdilər. İndi də bu çıxdı ortaya - hansısa, ütük meşəni amansızcasına qırıb məhv ediblər. Özləri isə şəhərin ağaclarını sındırıb küləkli mitinqlərdə qızınmaqdan ötrü tonqallarda yandırırdılar.
Xalq yekdil avamlıqla vətənin, millətin taleyini bir yığın «vətəndaş qeyrətli» fırıldaqçıya etibar etdiyinə görə bağışlanmaz səhvə yol verdiyini anlamışdı.
- Bu millətə nə olursa, əcəb olur. - camaat pərt üzlərlə danışırdı. - Bizlərə, vallah, bu da azdı. Bir yığın burnufırtdıqlı uşağın felinə uyub arvadlı-uşaqlı küçələrə tökülüşməyin, bir-birinin ağzına baxa-baxa, dəli kimi: «Azadlıq!..» çığırmağın axırı elə belə də olmalıydı.
- Baş qatmağa, vaxt keçirməyə özlərinə yer tapmışdılar. Babat havalarda orda-burda yığılıb boğazlarını cıra-cıra gah himn oxuyurdular, gah da «Birlik!», «Birlik!..» - çığıra-çığıra, qıçları əyilənəcən oturub-dururdular. Guya bunları bu vaxtacan bir-birindən ayıran vardı. - mitinqlərdə asayişi qoruyan polislər danışırdı.
-…Çoxu bura qayışının altını bərkitməyə gəlir. - Azadlıq meydanında qəzet satan arıq arvad deyirdi. - Mitinqin şıdırğı vaxtı bir də görürdün budu ha, gəldilər. Üç-dörd yük maşını öküz palçığa girən kimi, camaatı yara-yara, ləngər vura-vura düz yuxarı başa - meydanın əsas qərargahına keçib lövbər saldı. Bəli, maşınların yük yerindən yeşik-yeşik ərzaq düşürülməyə başladı. Bunlara deyən gərək, balam, belə imkanınız vardısa, bunu bayaqdan niyə eləmirdiz, millət nə gündə yaşayırdı, indi nə yaxşı yadınıza düşdü, gün ha yandan çıxdı, hə?..
- «Azadlıq!» çıcırmaqla döyül ki?!.. Əslində, bura hərə bir şey üçün gəlirdi… - eyvanları medana baxan binaların sakinləri danışırdı. - Biri direktorundan narazydı, o biri neçə il idi, ev ala bilmirdi, bu biri jek müdirinin əlindən zəncir çeynəyirdi, bir başqası - günlərlə binalarına işığın verilməməsindən narazı idi, o biri, uşağını institutun həndəvərinə yaxın qoymayan rüşvətxor müəllimlərə qarğış yağdırırdı… Amma elə ki, gəlib bura yığışırdılar, hamının dərdi bir olurdu, bir-birinə qoşulub «Azadlıq!» çığırırdı… Uzun illərdən bəri canlarına sıxdıqları kin-küdurətlərini, üst-üstə yığılıb daşlaşmış ağrı-acılarını orda daş əvəzinə yumruqlarında sıxmaqla rahatlanırdılar…
- O mitinqlərə yığışanların arasında yerdən, göydən, öz uğursuz şair talelərindən narazı yazıçı-şairlər də var idi… - görkəmli şairlər televiziya kanallarına verdikləri müsahibələrində ciddi üzlərlə danışırdılar. - …işıq üzü görməyən zəif şerlərini tribunadan oxuymağa imkan tapan bu bədbəxtlər oranı öz yaradıcılıq meydanına çevirməyə cəhd göstərsələr də, son ucda ordan vətənini öz cızma-qaralarına qurban verən xain kimi qovulurdular.
- …orda kimi desən, tapmaq olardı. Bu, bir növ xalq təntənəsini xatırladan kütləvi bayramsayağı bir mərasim idi. Orda hərə öz qabiliyyətini nümayiş etdirir, gənc şairlər yenicə yazdıqları şerləri deyir, müğənnilər mahnı oxuyur, filosoflar bəşəriyyət və millət haqqında gəldkləri son qənatlərini bölüşür, sinoptiklər hava haqqında məlumatları söyləyir, həkimlər isə izdihamın sıxlığında artan ürəkkeçmələrin qarşısını alman üçün müvafiq tədbirlər görürdülər.
- Uşaqları dərsdə saxlamaq mümkün olmurdu. - müəllimlər danışırdı. - Dərsdən qaçanlar birbaş mitinqlərə yollanır, orda ağaca dırmaşıb budaqlardan sallaşır, əllərinə keçəni camaatın təpəsinə ilişdirə-ilişdirə: «Azadlıq!» - deyib hırıldaşırdılar. Hərdən büdrəyib adamların üstünə yıxılırdılar. Amma bütün bu kütləvilikdən, həmrəylik və birlik bayramından, hətta matəm sükutlarından və ağlaşmalardan belə adamın ürəyi açılırdı...
Axır vaxtlar camaat bu mitinqlərə o qədər öyrəşmişdi ki, mitinq olmayanda, hamının canına bit-birə daraşırdı elə bil. Belə günlər çox adam qanıqara gəzir, durduğu yerdə dövləti söyür, onu-bunu acılayır, bəziləri həyatın maraqsızlığından və məntiqsizliyindən, bəziləri isə coşqun kütləviliyin şövqündən intihar etmək fikrinə düşür, ya da zahidliyə qapılırdılar. Bir sözlə, mitinqlər məmləkətin dənizi və havası kimi, həyatəhəmiyyətli, vacib atributuna çevrilmişdi…
- Axı nə qədər canını dişinə tuta-tuta idarənin yeknəsəq işləriylə baş qatmaq, axşamlarsa küftə yeyə-yeyə, duzsuz verilişlərə baxmaq olardı?!.. Nə qədər ölkəyə gəliş-gedişinin səbəbi bilinməyən əcnəbi dövlətlərin rəhbərlərini gülümsər üzlərlə qarşılamaq üçün saatlarla küçələrdə dayanıb, gün təpəni deşə-deşə, yaxud, soyuqdan göyərə-göyərə, gəlib-gedənə əl eləmək olardı?!.. Nə qədər ölkədə, şəhərdə baş verənlərə kənardan, seyrçi kimi baxmaq olardı?.. Nə qədər başdan ayağa qanun və qərarlardan ibarət ütülü qəzetlər oxumaq olardı?!.. Bəli, bütün bu bataqlıq və kif qoxuyan yeknəsəq məzmunsuzluğa mitinqlər son qoydu. Hər kəs nəhayət ki, bu məmləkətin tam hüquqlu vətəndaşı olduğunu, hansı məsələ ilə razılaşa, hansıyla razılaşmaya bildiyini, nəyin uğrundasa mübarizə apara bilmək qabiliyyətini hiss etdi… Məgər bu azdı?.. - bəzilər deyirdi. - Camaat nəyə qadir olduğunu məhz bu mitinqlərdə anladı. Hamı hər şeyə, hətta öz evində, öz ailəsində belə, ictimayi nöqteyi-nəzərdən, milli mənafe baxımından yanaşmağa başladı. Xalq qəflət yuxusundan oyandı. Bu böyük oyanma bütün ölkəni lərzəyə gətirdi. Şəhərlərdən, kəndlərdən göylərə, yeraltı təkanları xatırladan möhtəşəm uğultu ucalmağa başladı… xalqın uğultusu…
Xalq hərəkatının ön cərgələrində əllərində bayraq, işıqlı üzlərlə addımlayan bir neçə ziyalı adamın təsiri altına nə vaxt və necə düşdüyünü indi hərə bir cür xatırlayırdı…
Bəziləri deyirdi ki, bir neçə il bundan əvvəl qəfil gözlənilməzliklə «Azadlıq» meydanının uca kürsüsündə «zühur edən» bu adamlar uzun illərdən bəri görə-görə gəlinən toxunulmaz nomenklatura ehkamlarını dağıdıb nəhayət ki, camaatla adam dilində - səmimi xalq dilində danışmışdı və məhz bu səbəbdən də qısa müddət ərzində xalqın inamını və etimadını qazana bilmişdi.
Bəziləri isə deyirdi ki, onlar sadəcə, bu coşqun təbiətli qədim qafqaz xalqının incə damarını tuta bilmişdilər. Hakimiyyəti əldə etməyin tarix boyu işlədilmiş məlum fəndlərini işə salmış - xalq kütlələrinin bineyi-qədimdən gizli yaddaşla əbədi nifrət bəslədiyi üst zümrəni - yüksək vəzifə sahiblərini, tanınmış alim və yazıçıları kütləvi surətdə təhqir etməklə, milli birlik adı altında kütləvi iğtişaşlar yaradıb mağaza vitrinlərini, idarə girəcəklərini dağıtmaqla, avtomobilləri çevirib, əsas meydanları zəbt etməklə, öz çirkin niyyətlərinə nail ola bilmişdilər.
- Bir çox dünya xalqları bu mərhələlərdən eynilə belə keçib. - tarixçilər çıxışlarında xüsusi olaraq, qeyd edirdilər. - Uzaq əsrlərdən bəri meydanların edam tamaşalarına baxa-baxa yetişən və bu ibrətamiz mənzərədən özünəməxsus güc alan xalqın qan yaddaşı sözsüz ki, onu bu heyrətamiz, kütləvi qalibiyyət aktlarına cəlb eləməyə bilməzdi…
- Coşqun demokratiya dalğasının keçmiş sovetlər birliyinin, az qala bütün regionlarını çalxaladığı bir dövrdə küləkli meydanları, özləri də gözləmədən, peşə ixtisaslarına görə az-maz yiyələndikləri səthi bilikləri ilə idarə eləməyə nail olmuş kənd mənşəli uğursuz alimlərin sonradan heç bir dövlət quruluşuna, siyasi rejimə uyğun olmayan, əndirəbadi «bolşevik-qolçomaq» dövləti quracağına kim inanırdı ki?!.. - ziyalılar ürkək səslərlə, hələ də nədənsə ehtiyatlana - ehtiyatlana danışırdılar.
- Bunların işindən heç Allah da baş açmaz. - camaat deyinrdi. - Allah onların evini yıxsın, necə ki, elə yıxdı!.. Bu bir ili daha nələr görmədik?!.. Camaatı Allahın çörəyinə də həsrət qoydular. O nə günlər idi, ilahi?!.. Getsin o günlər, bir də qayıtmasın. Çörək növbəsinə düşməkdən ötrü, məhəllə-məhəllə yığılıb axşamdan püşk atırdıq, sonra da səhərin ala-qaranlığında, payımıza düşən nömrələrlə dəli kimi dükanlara cumurduq. O günlər şəhərin küçələri rəhmətlik Qorkinin əsərlərindəki inqilabdan əvvəlki fəhlə qəsəbələrini xatırladırdı…
- Bir ara xəbər yayıldı ki, təzə hökumət hansısa xarici dövlətdən xeyli miqdarda un alıb və daha çörək sarıdan problem olmayacaq. Biz də sevinib dərindən nəfəs aldıq. Amma elə ki, çörəklər bişirilib dükanlara paylanandı, çaşıb qaldıq. Çörəyi ağzına qoymağınla, tikənin sabun kimi sürüşüb damağına yapışmağı bir oldu. Sonradan məlum oldu ki, bu başıbatmışlar hansısa xarici şirkətlə müqavilə bağlayıb, şəhər camaatının qarnını doyurmaq üçün, ucuz başa gəlsin deyə, un əvəzinə, mal-qaraya yedirdilən kombikorm alıb.
- Bu günü də gördük. - qocalar dərdli-dərdli danışırdılar - …bu imansızlar bizə donuz yemi də yedirtdilər.
- …Elmlər Akademiyasının binasını doğum evinə, Yazıçılar Birliyini Çin səfirliyinə, teatr binalarını əmək birjalarına verməyə hazırlaşırdılar. Simfonik orkestri ləğv edib çəlimsiz, eynəkli skripkaçıları müharibəyə göndərdilər ki: -«İndi simfoniya vaxtı deyil». Orda öləni öldü, qalanı qumbara səsindən kontuziya aldı. - mədəniyyət nazirliyinin işdən qovulan qocaman əməkdaşları danışırdı. - Mədəniyyət naziri - keçmiş aqronom, violonçeli rəsmi qərarla, bir instrument kimi ləğv elətdirdi: «Skripkadı, trambondu, cəhənnəm, yenə nəyəsə oxşayır. Bu violonçel nəyə lazımdı axı?!.. Həmin yekə skripkadı, fərqi bir odu ki, onu ayaqlarının arasına salıb çalırsan.»
- …Bir də gördük, yeraltı keçidlərin pilləkənlərini sökürlər… Burdan, camaatın bir qulağı, bu dəqiqə hardasa yaxında atılacaq düşmən toplarının səsinə kəsilib, bu biri qulağı çörək növbəsinə gecikməsinlər deyə, gecədən qurduqları saatın zəngini güdür, balalarını müharibəyə göndərən ana-bacılar səhəri diri gözüylə açır, bunlar keçidlərin pillərini söküb yeraltı maşın yolları düzəldirlər ki, küçələrdən öz müşayiət dəstəsi ilə küçələrdən güllə kimi ötüşməyə bir növ adətkərdə olmuş Daxili İşlər Naziri yolda ləngiməsin. Guya işə vaxtında çatanda, ölkənin bir-birinin üstünə dağ kimi yığılmış problemlərini həll edəcək.
- Heç hənanın yeridi?!.. Dünyanın bu qatmaqarışıq vaxtında yeraltı keçidləri rekonstruksiya eləmək bunların ağlına hardan gəldi?.. Sonradan belə məlum oldu ki, keçidlərin pillələri nazirin şəxsi göstərişi ilə sökülür. Deyilənə görə nazir bu sərəncamı şəhər sakinlərini, xüsusən, qocaları və uşaqları, pillələri düşüb-qalxmaq əziyyətindən qurtarmaq və yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə veribmiş. Bu, pis idi, ya yaxşı idi, heç kim bilə bilmirdi. Daha doğrusu, bu barədə fikirləşməyə imkan yox idi. Çünki o biri gün xəbərdarlıqsız-filansız, təcili surətdə binaların novalçalarının söküntüsünə başlanıldı. Deyilənə görə novalçaların sökülməsinə səbəb - sinirləri müharibə bölgəsindən axan qara xəbərlərdən onsuz da tarıma çəkilmiş paytaxt əhlini güclü yağışlar vaxtı səs salan novalçaların yaratdığı rahatsızlıqdan qurtarmaq idi. O biri gün isə bütün şəhər - binalar, dükanlar, maşınlar, az qala adamlar da, millilik əlaməti olaraq, milli bayraq rəngində rənglənməyə, eyvanlara və işıq dirəklərinə, pəncərə və vitrn şüşələrinə kiçik ölçülü milli bayraqlar vurulmağa, rəsm şəklində çəkilməyə başladı. Ta o biri gün əhalinin sosial rifahını yaxşılaşdırmaq məqsədiylə evlərə, zibil yığmaq üçün parlıtılı etiketli ciğırılır paylandı...
- Yeməyə bir şey var ki, tullamağa da zibil olsun?!.. - deyən camaat bu parıltılı cığaraları səliqəylə qatlayıb bir kənara qoydular.
Sonra da məlum oldu ki, sən demə, bu cazibədar cığaralar zibil üçün yox, hansı xarici dövlətinsə müharibə bölgələrinə göndərdiyi humanitar yardımın - əsgərlərin ərzaq paylarının torbaları imiş.
- Bu da bunların azadlığı. «Azadlıq» dedikləri buydusa, lənətə gəlsin belə azadlığı!.. Belə azadlıqdansa, həbslərdə çürümək yaxşıdı… - camaat deyirdi.
Lakin bütün bunlarla yanaşı, son illər ölkədə baş verən bütün bu əcayibliklərin, qeyri-müəyyən naməlumluqların ən sirlisi - çaşqınlığa düşmüş xalqın beyinlərini yora-yora, gecə-gündüz dönə-dönə təhlil edib çözsələr də, son nəticədə aydın təsəvvür hasil edə bilmədikləri - məşum «Azadlıq» partiyasının keçmiş sədri, partiya fəallarının yekdilliklə taxta oturtduğu uca boylu, şiv qamətli prezidentn özü idi…
Bir qisim adam prezidentin həmin əcayib qəribəlikliyini, xarakterndəki bəzi xüsusyyətlərin normal insan ölçülərinə gəlməməsini, onun romantik təbiəti, şair xisləti, vətənini, millətini dəlicəsinə sevdiyindən, ömrünü onun azadlığı uğrunda mübarizəyə fəda etəməsi, bu yolda təqiblərə və uzun müddətli həbslərə məruz qalması ilə bağlayırdı. Bu qəribəliklikləri və bənzərszliyi ilə onu - gözü dünya nemətlərini seçməyən müqəddəs İsaya bənzədənlər də vardı...
- Doğrudan qəribə idi. - camaat dnışırdı. - Ömrü boyu Elmlər Akademiyasında, sonralar Əlyazmalar institutunda elmi işlərdə çalışan 56 yaşlı dörd uşaq atasının, hər şey bir yana qalsın, adicə evi belə yox idi…
Onu ilk gənclik dövrlərindən tanıyan yaxın adamları, dostları və doğmaları da, bu keçmiş elmi işçinin, evlənib oğul-uşaq sahibi olmasına baxmayaraq, ev, yaxud insan həyatına yararlı olan başqa nə isə barədə fikirləşdiyini xatırlamırdılar. Deyilənə görə, hakimiyyətə gələnə qədər ailəsi daim qayınanasının yanında - uzaq kəndlərində, özü isə onun-bunun evində, çox vaxt da yataqxanalarda qalan bu adamın, tez-tez o üz-bu üzünə çevirtdirdiyi nimdaş qara kostyumundan, geyilməkdən balaqları üzülən qara idman formasından, bir də, cildləri üzülmüş tarix və ədəbiyyat kitablarından savayı heç nəyi yox idi…
- Alim kimi o, alınmadı… - dilçilər danışırdı - …özü dilçi ola-ola, niyəsə tarixə girişdi. Orda da ortaya elə bir təqdirəlayiq iş çıxarmadı. Qədim tarixdən seçib araşdırdığı dövrlərə təhlil verməkdən çox, ürəyinə yatan faktları, hadisələri bədii ifadələrlə cilalamağa üstünlük verərək, o dövrdə yazıb yaratmış qədim şairlərin yaradıcılıqlarının tədqiqinə girişdi.
- Olsun ki, bu, onun ədəbiyyata olan dərin sevgisindən irəli gəlirdi. Bu, qəribə novator vəhdəti idi. Tarixi mövzuları tədqiq edən dilçi şərqşünasının bədii istedadı. Nə isə qəliz alınırdı…
Bir qisim adamın dediyində olan növbəti həqiqət bu idi ki, əgər ölkədə baş verən bütün hadisələr deyilən kimi, həmin bu «xəstəhal», «yazıq» alimin özü üçün qurub yaratdığı uydurma «azadlıq» proqramının nəticəsi idisə, onda bunun harası yazıq idi ki?!.. Azadlıq sevdalı gənclik xəyallarını bu qədər ili pusub gözləyə-gözləyə canında saxlamaq, vaxtı yetişəndə püskürüb bütün ölkəni çalxalamaq, yeddi milyonluq xalqı ayağa qaldırıb bir-birinin ardınca üç prezidenti aşırmaq və qalib addımlarla keçib taxta əyləşmək hansı zəifliyin, yaxud, xəstəhallığın əlaməti idi?..
O birilərin dediyinə görə isə son illər ölkəni çuğlamış qeyri-iradi, kütləvi iğtişaşlara bu adamın ümumiyyətlə dəxliyyəti yox idi. «Bu, bir növ yaz gününün buludsuz göydən dolu yağdırmağına bənzər heyrətamiz hadisələr burulğanı idi. Hüququ, uzun illərdən bəri tapdanmış, torpaqları zaman-zaman gizli -gizli düşmənə ötürülmüş qəzəbli xalqın içində saxladığı total hiddətin püskürməsi idi… Sadəcə, iş elə gətirmişdi ki, bu püskürmə illərlə öz gözəgörünməz iynəsi ilə «gor qazan» xəyalpərəst üçün əlverişli məqam rolunu oynadı və əslində, heç bir real əsası olmayan vətənpərvərlik ideyalarının, necəsə, özü-özünə, ya nəyinsə hesabına ətə, qana dolma məqamına çevrildi…
- Mitinqlərin ilk günləri onu orada görən olmamışdı. Deyilənə görə, bütün bu hadisələrdən onun, ümumiyyətlə, xəbəri yox idi…
Həmin vaxtlar o, ümumiyyətlə heç harada görünmürdü. Deyilənə görə həmin dövrlər o səhərdən-axşamacan Əlyazmalar institutunun tozlu arxivində itib-batır, çox vaxt elə oralarda da gecələyirdi. Hətta danışırdılar ki, institutun qarovulçusu bayram günlərində evində oturduğu yerdə qəfildən ötən həftənin axırlarında arxivə daxil olmuş bu fağırı xatırlamış, özünü başıalovlu halda instituta yetirdikdə isə onu, arxivin yarıqaranlıq zirzəmisində üç gün bundan əvvəl qoyub getdiyi vəziyyətdə - gözündə eynək, üç günün aclığından üzülümüş vücuduyla tozlu əlyazmaların arasında oturan yerdə tapıbmış…
- Əgər ölkəni başına bürüyən o kütləvi hərəkat dalğaları işə düşməsəydi və onun parlaq ideyaları altında hakimiyyətə can atan bir dəstə «millət fədaisi» coşqun xalq kütlələrinin aparıcı qüvvəsi arasında özlərinə yer eləməsəydi, bu elm pərvanəsi öz nəzəriyyələri ilə ömrünün axırınadək həmin o kifsəmiş arxivlərdə, saralmış kağız-kuğazın arasında eşələnə-eşələnə də qalacaqdı. Yazdığını yazacaq, oxuduğunu oxuyacaq, işdən yolrulanda, beş-on özü ağılda adamı başına yığıb şam işığında gizli dərnəklərini aparacaq, bununla məmləkəti və milləti üçün əvəzsiz xidmətlər göstərdiyini zənn edəcəkdi. Günlərin bir günü də heyi, gücü tükənəndə, qocalıb əldən düşəndə üzündəki həmin o mübariz ifadəylə, ələgəlməz arzuları və xəyalları içrə o arxivlərdəcə, tozlu əlyazmaların üstündəcə öləcəkdi… - institutun əməkdaşları üzlərində qəribə, gizli günah ifadələri ilə danışırdı.
Qara camaat isə keçmş prezdentdən hövsələləri darala-daral, əsəbilikdən və heyrətdən nəfəsləri kəsilə-kəsilə danışırdı…
- Bu adamın işindən baş açmaq olmurdu. Başa düşmək olmurdu, onun elədikləri düzdü, ya səhv. Taxta çıxdığının səhəri günü o, ilk növbədə qonşu dövlətlərlə müqavilə bağlayıb şəhər əhalisi üçün içi maqnitafonlu, ikimərtəbəli avtobuslar gətizdirdi. Ərzaq məhsullarının on dəfə artmasına kompensasiya əvəzi, şəhər nəqliyyatının qiymətini beş dəfə aşağı endirdi. Guya bununla camaatın yarası sağalacaqdı… Bahalıqdan, ehtiyacdan başlarını itirənlər, əsəbləri zəiflər günlərini bu ucuz və rahat avtobuslarda keçirir, küçələrə tamaşa eləyə-eləyə, dərdlərini musiqidə əridə-əridə şəhərin bir başından o biri başına gedə - gedə vaxtlarını öldürürdülər.
Bəziləri deyirdi ki, bu, prezident tərəfindən atılan humanist bir addımdı. Bir qisim isə, iş gününün axırına yaxın bu ucuzlu, havasız avtobuslardan iki-bir, üç-bir, acından, ya havasızlıqdan, ya da adi qan təzyiqindən keçinən adamları xatırlayır, milli bayraq rəngində bəzədilmiş bu avtobusların ölkənin ağır vəziyyətinə qatlaşmaq üçün bir növ musiqili, poetik istirahət salonlarını əvəz etdiyini yada salırdılar.
Döyüş bölgələrində qırılanların sayı həddini aşanda isə daha nazirliyin onsuz da məşğul işçilərinə, iş-güclərini atıb bir-bir evləri gəzmək, çağırış vərəqəsini alıb orda-burda gizlənənləri tapıb üzə çıxarmaq lazım gəlmirdi. Bircə sürücünü və avtobusun hərəkət cədvəlini dəyişmək kifayət idi ki, bu musiqili avtobuslar, arvad-uşağı düşürüb, şəhərin mərkəzindən burulub vətənpərvər melodiyalı musiqisini küçələrə yaya-yaya ordan birbaş sərhəd bölgələrinə yollansın.
Ümumiyyətlə, deyirdilər, ilk baxışda sadəlövh insan, romantik şair təsiri bağışlayan prezident, əslində, heç də elə-belə, sadə adam deyildi. Deyilənə görə bir vaxtlar arxiv zndanlarının qaranlığında havasızlıqdan göyərməyə alışmış bu elm fədaisinin, dünya siyasəti tarixində rast gəlinməyən, uzaqgörən siyasi gedişləri ehtva edən usta diplomatik taktikaya malik olması sonradan aşkara çıxmışdı. Məsələn, kənd təsərrüfatı problemlərinə həsr olunmuş dövlət müşavirələrində, yaxud beynəlxalq əhəmiyyətli sülh konfranslarında prezidentin gözlənilmədən çəkisiz, ucaboy qaməti ilə kürsüyə qalxması, ordan qəribə bir coşqunluqla milli heyvandarlığın problemlərindən, xüsusən iribuynuzlular sahəsində yaranan kəskin fəsadlardan danışmağa başlayarkən qəfildən gözlənilməz, çevik bir reveransla ədəbiyyata, ordan birbaş poeziyaya keçməsi, yanaqları allana-allana saatlarla kürsüdən asılı qalaraq, qədim şairlərin qəmli qəzəllərindən oxuması, onların elmi təhlilini verməsi, üstəlik, hələ bu azmış kimi, mətnlərdə işlənən mürəkkəb ərəb sözlərinin mənalarını xüsusi həvəslə izah etməsi həmin usta taktikanın yalnız səthi görüntüləri idi.
Yeni prezidentn bu orijinal «gedişlər»-indən çaş-baş qalmış müşavirə əhli, deyilənə görə, məruzəni boğazları quruya-quruya, diqqətlə dinləyir, bu dərin və mürəkkəb mənalı qəzəllərdə ölkənin siyasi durumu, kənd təsərrüfatı sahəsinin problemləri ilə bağlı ümumiləşdirici nələrsə axtarır, başıbilən ariflər özlərinə dair atmacaları havadaca tutub çinədanlarına atır, müşavirə bitdikdən sonra otaqlarına çəkilib orda yekdil birliklə prezidentin ərəb qəzəlləriylə onlara ünvanladığı «incə eyhamlarının» gizli mənalarını xırdalamağa başlayırdılar.
Belə müşavirələrdən sonra ölkənin bir sıra sahələrində bir çox şeyin rəngi, yönü dəyişilir, hər şeydə bir poetiklik, incəlik duyulmağa başlayırdı…
Paytaxta iki daşın arasında bu ikimərtəbəli, rahat avtobusların gətirilməsi də prezidentin uzaqgörən siyasətinin bir şaxəsi idi və deylənə görə heç də elə-belə adi məsələ deyildi. Bunun nə üçün olunduğu yalnız sonralar, «Böyük həqiqət nəhayət ki, öz qələbəsinin təntənəsini çalanda» məlum olacaqdı. - prezidenti sidq ürəkdən sevən və dəstəkləyən bir sıra tərəfdaşları deyirdi.
…Ölkə başçısının ən dərin gedişlərindən biri də onun, Nazirlər Kabinetinin strukturunda ildırım sürətiylə apardığı dəyişikliklər oldu.
İlk növbədə o, bivec İqtisadiyyat nazirliyi ilə, Aqrar sənaye və digər bu sayaq xırda-xuruş nazirlikləri birləşdirib, Kənd Təsərrüfatı nazirliyini ayrı-ayrı nazirliklərə, ayrıca İribuynuzlu Maldarlıq, Xırda buynuzlu Maldarlıq, Quşçuluq, Baramaçılıq, Arıçılıq, Çəltik, Taxıl, Silos nazirliklərinə böldü.
Bir qisim adam deyirdi ki, ölkə başçısının bu gedişlərində əsas məqsəd - hakimiyyətə yenicə gəlmiş «Azadlıq» partiyasının gecə-gündüz prezident iqamətgahında vurnuxan, imkan tapdıqca, prezidentin otağına soxulub orda stolun üstünü yumruqlaya-yumruqlaya ondan vəzifə istəyən kənd mənşəli üzvlərinin müvafiq iş yerləri ilə təmin edilməsi idi.
Digər qismin rəyi isə belə idi ki, zahirən sadəlöhv, çılğın yeniliçi təsiri bağışlayan prezidentin bu gedişləri əslində, onun uzaqgörən siyasətinin bir qolu idi, nəticəni isə illər göstərəcəkdi və hamı hər şeyi dərindən başa düşəcəkdi. Necə ki, bir vaxtlar, hələ prezidentliyindən çox-çox qabaq uzaq ərəb ölkəsində tərcüməçi işlədiyi dövrlər bəzi «əhvallı» gecələrlə küçəyə çıxıb cibinin son qəpiyini küçədən keçən dilənçilərə verərək: «A bəy, götür bu pulu, sən əzizinin canı, səsin gəldikcə, qışqır, denən «yaşasın azadlıq!..» - deməyini dolayıb ələ salanlar, azadlığın nə demək olduğunu yalnız çox-çox sonralar - milli azadlıq hərəkatının coşquntdalğaları ölkəni başına bürüyəndə anladılar…
O dövrlər həmin o uzaq ərəb ölkəsində bu millət fədaisi ilə işləyənlərsə danışırdılar ki, o, öz izaholunmaz qəribəliyi, anlaşılmaz vətən eşqi ilə qısa bir müddətdə hamıda özünə qarşı maraq oyatmışdı. Deyilənə görə orda o heç kimlə əlaqə saxlamır, boş vaxtlarını qədim kitabxanalarda keçirir, axşamlarsa, paytaxtın ən bahalı restoranlarında şam edirdi… Restoranın xidmət personalı onu əcnəbi milyoneri kimi tanıyır, o, foyedə görünəndə, ofisiantlar qollarında nişastalı dəsmallar onun qabağına qaçır, musiqiçilər çaldıqları havanı dəyişib, onun şərəfinə sevdiyi «Qaragilə»ni öz milli çalarlarında ifa eləməyə başlayır, rəqqasələr oynaya-oynaya pişvazına çıxır, onu araya alıb, çalıb oxuya-oxuya, restoranın ən mötəbər stoluna ötürürdülər. O da, gözündə qara eynək, boynunda güllü şərf, şərəfinə bəzədilmş bahalı süfrənin arxasında təmtək otura-otura, bütün axşamı dilinə heç nə vurmadan hey sifariş verib gətizdirdiyi bahalı içkilərdən içir, doğma xalq havalarını çaldırıb ay ərzində qəpik-qəpik yığdığı maaşını rəqqasələrin başına ələyir, səhərə yaxın isə - restoran boşalanda, musiqiçilər alətlərini yığışdırıb evlərinə dağılışanda o, içkinin süstləşdirdiyi bədənini zorla stolun arxasından çəkib çıxarır, kədərli üzü ilə, sallaq qollarıyla restoranı tərk edirdi…
Səhəri gün isə onu, uzun müddət aclıq çəkməkdən altı qaralıb çuxura düşmüş gözləriylə, tüklü, əzgin üzü ilə səfirliyin xidmət personalının ucuzlu yeməkxanasında, turşumuş borşu yeyən görürdülər.
Deyirdilər, ümumiyyətlə, həmin o azadlıq dərdinə o hələ lap cavan yaşlarından - universitetdə oxuduğu illərdən tutulmuşdu. Dövləğ Təhlükəsizlik Xidmətinin nəzarətinə düşməsinə baxmayaraq, gizli dərnəklər təşkil edir, uzun illər kölə halında yaşmaq məcburiyyətində qalmış xalqının öz azadlığına qovuşması, «işıqlı gələcəyə aparan magistrala çıxmasından» ötrü minimum-maksimum proqramlar hazırlamaqdan yorulmurdu. Deyirdilər, 70-ci illərdə Bayıl həbsxanasına düşməsi də həmin bu azadlıq proqramlarının nəticəsi idi. Danışırdılar ki, prezident həmin bu işıqlı fikirləri ilə dustaqxanadakıları da zinhara gətirib dünyadan bezdirmişdi. Deyirdilər, qəlbi vətən eşqiylə çırpınan bu usanmaz fədai orda da gecələrlə kölgəli üzü ilə barakların arasıyla gəzişir, altı köləgəli gözlərini dustaqların üzünə zilləyir, bu zavallı görkəmiylə çoxlarının «saqqızını oğurlayır», «toruna düşən» məhbusları bir kənara çəkib onlarda milli ruhun oyanmasına zəmin yaratmaqla məşğul olurdu. Deyilənə görə, bu azadlıq divanəsi dustaqxanada da özü üçün, kiçik də olsa, dərnəkvari bir auditoriya yaratmağa nail olmuşdu.
- O, maraqlı tarixi hadisələrdən danışır, bununla da məhbusların diqqətini də özünə cəlb eləyirdi… - dustaqxanada onunla bir dövrdə yatan məhbuslar danışırdı. - …sonra mövzunu üsulluca dəyişib birbaş bu günə - «hüquqları taptanmış xalqın ağır milli dirçəliş yolu»nun çətinliklərinə keçir, «öz halal torpaqlarında ikinci dərəcəli millət kimi yaşamağa məhkum edilmiş» millətin bəxtiqara taleyindən danımağa başlayırdı.
- Dustaqxanada onun toruna düşməyənlər də vardı. Elə ki, bu divanə «kürsüyə» qalxırdı, onlar üzlərini divara çevirib: «Bunu bura salanın…» - deyirdilərsə də, hər «moizənin» sonunda oxunan milli himnin vaxtı çatanda, o birilərə qoşulub himn oxumağa məcbur olurdular ki, milli oyanışın incəliklərini dərk etmiş dustaqların təpiyi altına düşməsinlər.
-Bu başdan xarab bura düşəndən camaatın da başı xarab olub. Hamı insan hüququndan, müstəqillikdən danışır dəm vurur, bir adama: «gözün üstə qaşın var» demək olmur»… - dustaqxana nəzarətçiləri danışırdılar.
- O məşğələlərdən sonra o, uzun müddət özünə gələ bilmirdi. Coşqun ehtirasla danışdığı işıqlı ideyalarının, işıqlı fikirlərinin təsiri altından bir müddət çıxa bilmir, üzünü divara söykəyib dinməzcə ağlayır, yaxud, məhbuslardan hansı birinisə kətilin üstə çıxardıb «Yaşasın azadlıq!» - şüarıyla bağırmağa məcbur edirdi…
-Başa düşmək olmurdu, hansı daha təsirli… - dustaqlar danışırdılar - onun ideyaları, yoxsa özü?..
Axır günlərsə, danışırdılar ki, hər belə məşğələdən sonra, siyasi cəhətdən maariflənmiş dustaqlar himni artıq ayaq üstə oxuyurdular və deyilənə görə himnin səsinə, o biri kameraların dustaqları da qoşulurdular. Son aylar isə deyilənə görə himn mərasiminə dustaqxananın nəzarətçiləri də qoşulurdular, himnin zamanı yetişəndə hərə öz yerində ayağa qalxır və öz otağnda himn oxuyurdular… Odu ki, deyirdilər, sakit gecələrlə şəhərdən bir qədər aralıda, ağacsız-kolsuz çöllüklərlə uzanan dustaqxanının üçmərtəbəli, yarıuçuq binasından göylərin qaranlığına əzəmətli himn səsi ucalmağa başlamışdı…
Deyirdilər, bu tükürpədən gecə mərasimlərindən, qorxunc «azadlıq» şüarlarından təşfişə düşən müdiriyyət məsələləri araşdırmağa başlamış, dustaqların məhz hansı azadlığa can atdığını, ölkənin rəsmi himni olan bu əzəmətli mahnını niyə bu qədər sevgi və həvəslə oxuduqlarının mənasını anlamağa çalışmışdılarsa da, dəqiq bir məlumat əldə edə bilməmiş, dustaqlarla ayrı-ayrılıqda məxfi iş aparmaq qərarına gəlmişdilər.
Kameralardan alınan gizli məlumatlara görə dustaqların son məqsədi - «uzun illər yad xalqın tapdağı altında inləyən doğma millətinin, əsirlikdə olan dilinin azadlığını» əldə etmək uğrunda ölkə üzrə işə düşməli olan xalq hərəkatını hərəkətə gətirmək idi.
Bu məlumatlardan sonra deyilənə görə, yalan-doğru, bu milli oyanış aktlarında arada bir milli heysiyyəti oyanmış dustaqxana müdirinin özü də gizli şəkildə iştirak etməyə başlamışdı…
- Günlərin bir günü o yenə təsirlənib qəhərdən boğula-boğula dustaqlardan birini kətilin üstə qaldırıb «Yaşasın azadlıq!..» - çığırtdıranda, deyirlər, dustaqxana darısqallığına məhkum olunmuş acı taleyinə onsuz da acıyan dustaqlardan hansı birisə üstünə cumaraq, əllərini xirtdəyinə keçirib, onu az qala boğa-boğa:
- Denən, yaşasın rahat, firavan həyat, ay yaramaz!.. - deyə çığırıbmış.
Deyirlər, onu dustağın əllərindən zorla dartıb alıblarmış, dustağı isə heç cür sakitləşdirə bilməyiblərmiş, o bütün axşamı hirsindən göyərə-göyərə - «Tox firavanlığın» adını «azadlıq» qoymağı, bu avam camaata sən və sənin kimi qurumsaqlar öyrədir!.. - deyə bağırırmış. - Bilə-bilə ki, azadlıq adında bir şey yoxdu bu dünyada!..
Yaxın adamlarının dediyinə görə, uzaq illərin bu unudulmaz xatirəsi - əsəbi dustağın bağırdığı bu mənası qəliz sözlər dərin zəkalı, həssas qəlbli insanı qəribə bir çəkisizliyə salmış, bu çəkisizliyk halı sonralar da - o, prezidentlik kürsüsündə əyləşəndə də onu tərk etməmişdi. Azadlıq barədə təsəvvürləində köklü dəyişikliklər yaratmağa müvəffəq olmuş həmin bu hadisə görünür ki, bu təəssübkeş alimə, azadlıqdan da dərin olan hansısa daha incə mətləbləri anlatmış, dünya və siyasətlə bağlı bir sıra çıxılmaz məqamların sirlərini açıqlamışdı. Deyilənə görə o, bu hadisəni ürək qızdırdığı adamlarına dönə-dönə, hər dəfə də həyəcanlanıb səsi titrəyə-titrəyə danışır, sonra siqaretləri bir-birinə calaya-calaya, tüstülədə-tüstülədə, uzun-uzadı fikrə dalırdı… Deyirdilər həmin o iğtişaşdan sonra o həmin filosof - dustaqla dostlaşıbmış və dustaq sonralar da ona azadlıq haqqında öz qəribə moizələrini oxuyurmuş. Məsələn, onun danışdığına görə dustaq ona, azadlığın mahiyyətini belə izah edibmiş ki, tarix boyu heç bir xalq, əslində, öz azadlığı uğrunda mübarizə aparmayıb. Nələrsə əldə etməyin adı isə həmişə «azadlıq» olub.
- Axı bir millət kütlə şəklində, kollektiv surətdə necə azad ola bilər ki, ayrı-ayrılıqda hər bir fərdi öz yaranışından, cismani və ruhu varlığı ilə kölə yaradılıb?.. Hamıdan Uca Allahın köləsi… - müdrik dustaq deyirmiş. - Əgər söhbət bir xalqın, ayrı bir xalqın, ya dövlətin əsarətindən azadlığa çıxmasından gedirsə, bu, canım-gözüm, bizə aid deyil. Biz dünya tarixinə böyük filosoflar və şairlər, rəssam və bəstəkarlar vermişik. Lakin əfsuslar olsun ki, qanımızda, canımızda bineyi-qədimdən cücərən, əsrlər, qərinələr ötdükcə, iliyimizə, sümüyümüzə yeriyən köləlik xislətini dana bilməmişik. Əsarəti altında yaşadığımız dövlət işdi, bizdən imtina edərsə, biz o dəqiqə təşfişə düşüb başımızı itirər və təcili surətdə özümüzə təzə bir ağa axtarıb taparıq. Bu, bir millət olaraq, bizim mahiyyətimiz, qan qrupumuzun göstəricisidi, xəmrimizin mayasıdı. Olsun ki… - dustaq deyirmiş - Allahın izniylə kök saldığımız torpaqlarımızın həyat üçün hədiz əlverişli şəraiti də burda özünü biruzə verib. Axı bu millətin heç bir vaxt yaşamaq uğrunda mübarizə aparmaq ehtiyacı olmayıb?!.. Ömrümüz boyu da özümüzün istifadə edə bilmədiyimiz min bir sərvətimizə yiyə durmağa ağıllı adamlar tapılıb. Yeyiblər, içiblər bizləri də yedirdib-içirdiblər. Tox adama isə nə lazımdı ki?!.. Odu ki, akademik, özünü əbəs yerə yorma. Bütün bu «vətən yanğısı», «milli ruh oyanışı» boş və əbəs vaxtöldürmədən savayı ayrı bir şey deyil. Bizimki belə gəlib, belə də gedəcək. Sənin o sevimli «azadlıq» şüarın isə tarix boyu «hakimiyyət» deyilən əlçatmaz qalanın bağlı qapılarını aça bilən lazımlı açar kimi həmişə istifadə edilib…»
…O dustaq deyilənə görə, orta savadı belə olmayan, həyatı boyu oğurluqla məşğul olub, ömrünün çox hissəsini dustaqxanalarda keçirən yeddi uşaq atası imiş. Deyirlər, onu xatırlamağı ilə fikir dəryasına qərq olmağı bir olan prezidenti hələm-hələm o dumanlı dəryadan çəkib çıxarmaq olmurmuş. Heç kim də prezidentin bu kədər dəryasının sirrindən baş açımrımış…
- Dəqiq müəyyən etmək olmurdu, onu bu hala salan nədi, dustağın azadlıq barədə dediyi fikirləriylə razıdı, ya yox.
-Bəzən adama elə gəlirdi ki, o, dustağın azadlıq barədə dediklərinin dərinliyinəcən gedə bilmir, o sözləri, ötəri söhbət kimi qulaqardına vurub unuda da bilmir. Hər dəfə də bu söhbətin axırına gəlib çıxanda, adamın gözünün içinə elə baxırdı, elə bil xilas ipinin ucunu orda tapacaqdı…
Bu gizli dustaqxana epizodundan xəbəri olan bir sıra xalq siyasətçiləri bu söhbətə ciddi əhəmiyyət verirdilər. Prezidentin hər bu xatirədən sonra düşdüyü kədərli trans vəziyyətini bununla izah edirdilər ki, dustağın bu «azadlıq nəzəriyyəsi» uzun müddət öz al-əlvan xəyallarının qoynunda üzən və camaatı da həmin bu «xəyallar bataqlığında» üzdürən prezidenti sadəcə, çaşdırmışdı. Dustağın dediyindən belə çıxırdı ki, prezident bütün ömrünü, cavanlığını, istedadını öz təxəyyülündə qurub düzəltdiyi xalqın azadlığı uğrunda, əslində isə, mahiyyət etibarı ilə absurd, cəfəng bir sevda yolunda qurban vermişdi. Və burda prezident iki şeyi qarışdırırdısa da, hər iki variant ayrı-ayrılıqda da, cəm halında da dustağın dediyi ilə üst-üstə düşürdü. Birinci variant bu idi ki, yaranışından bura başının ağrısını bilməyən, düşündüyünü deməyi bacarmayan xalq öz irili-xırdalı dərdlərinin səbəbini həyatdan narazı üzüylə hamıya doğma gələn bu adamın ayağa qalxaraq, üsyankar nidayla dediyi: «Azadlıq!..» kəlməsində tapmışdılar. Yaxud, bütün faciələrin həll yollarını, öz coşqun xəyallar dumanında, parlaq ideyalar şüarları altında görməyə alışmış romantik prezident bir qarnı ac, bir qarnı tox xalqının dərdini düzgün başa düşməmişdi.
- …Ona nəhayət çatmışdı ki… - bəzi ticarətçilər gözlərindən qığılcım çıxa-çıxa dınışırdılar - …sən demə, xalqa siyasi, mənəvi, hüquqi azadlıq yox, adicə qarın azadlığı lazım imiş…
İndi əgər məsələlər gəlib bu yerdə beləcə yoğunlaşmışdısa, onda belə çıxırdı ki, prezident çaşıb atalar demişkən, «eşşəyə minmişdi». Odu ki, indi istəsə də, istəməsə də, Allahın bu yazıq, tərs bəndəsini harasa sürməliydi. Lakin, hara?..
- Bax, prezidenti də çaşdıran elə bu idi. - camaat içi şübhə dolu gözlərlə elə danışırdılar, elə bil söhbət onlardan yox, hansısa ayrı ölkənin vətəndaşlarından gedirdi.
- O, orta və yaxın əsrlər tarixindən, o dövrlər yaxın və uzaq Şərqdə gedən daxili ixtişaşlardan, siyasi, sinfi mübarizələrdən, şah üsul - idarəsinin incəliklərindən, hakimiyyətin devrilmə yollarından və sairədən saatlarla, bəlkə günlərlə danışa bilərdi, amma, əmələ gələndə, bu bir ovuc xalqına gün ağlaya bilmirdi. Bunu o, əfsuslar olsun ki, nə təhsil aldığı ali məktəbdə, nə də sonralar - sevə-sevə oxuduğu qalın kitablardan, aralarında eşələnməkdən qoxusu dərisinə hopmuş qədim əlyazmalardan oxuyub öyrənə bilməmişdi. Dünya tarixində baş vermiş inqilabi hərəkatları, sinfi mübarizələri sənədli faktlarla açıqlayan bu ədəbiyyatlarda, olsun ki, xalqın həmişəac gödənini doyurmaq yolları təsvir olunmamışdı. - prezidenti sevən bir qisim ziyalılar ürək ağrısıyla danışırdılar.
- …Monarxiya quruluşundan respublika üsul-idarəsinə keçid mərhələsinin çətinlikləri, xalq kütlərini hansı ideyalar və bayraqlar altında istiqamələndirməyin biclikləri, ölkədaxili qarşıdurmalar zəmnində xalqın siyasi baxışlarında dəyişikliklər yaratmağın üsulları və sair bu kimi mövzularla bağlı ədəbiyyatlara o, hələ gənc yaşlarında, Elmlər Akademiyasında kiçik elmi işçi işlədiyi dövrlər yiyələnmişdi… - akademiyann qocaman əməkdaşları danışırdılar.
- …Onun qədim əlyazmalara olan xəstəhal münasibəti, düzünü deyim, məni həmişə narahat edirdi. Bu adamı həftələr, bəzən aylarla institutun havasız arxivindən çıxarmaq olmurdu. O iş gününü oralarda keçirir, axşamlar institutun qapıları bağlanar-bağlanmaz, əlyazmalardan bir-ikisini çırpışdırıb özü ilə aparırdı. - əlyazmalar institutunun direktoru sonralar televiziya ilə verdiyi müsahibədə danışırdı.
- …O gündən-günə arıqlayırdı… Rəngi solur, ovurdları bir-birinin içinə keçirdi, gözlərinin altındakı kölgələrdən, nədənsə gizli iztirablar çəkdiyini bilinirdi… - yataqxana yoldaşları danışırdılar. - Özü ilə gətirib gəldiyi əlyazmaları o gecəylə, ac adam tamahıyla oxuyur, gecənin bir yarısı hamımızı yuxudan oyadır, səhərin gözü açılanacan gözlərindən qığılcım çıxa-çıxa kiminsə - hansısa sərkərdənin, ya şahın siyasi gedişlərindən danışır, səhərəcən heç birimizi yatmağa qoymurdu…
- Dilçi olmağına baxmayaraq, o, tarixi dəlicəsinə sevirdi. Sonradan onun bu sevgisinin siyasi fəaliyyətə keçməsi, açığını deyim, bizi çox təəccübləndirdi. Olsun ki, siyasətə meyli onun, hər şeydən əvvəl, tarixi şəxsiyyətlərə olan böyük sevgisindən irəli gəlirdi…
- …Camaatı yoldan çıxaran o idi… - liberallar partiyasının sədri «r» hərfini yeyə-yeyə, sağ gözü kukla gözü kimi, necəsə, öz-özünə bağlana-bağlana danışırdı. - Rus qəsbkarları ölkədə yaranan daxili gərginliyi yatırtmaq adıyla şəhərə daxid olan gecə də, camaatı evlərindən çıxarıb ordunun qabağına düzdürən, ətdən çəpər düzəltdirən o idi. O gecə yüzlərlə adam qırıldı, ona isə heç nə olmadı. O dəhşətli, qarlı qış gecəsi əliyalın, dinc şəhər sakinlərini tankların, top-tüfəngin qabağına tökən bu millət fədaisi qaçıb dostunun evində gizləndi və yalnız o müdhiş hadisədən üç gün sonra - küçələrə tökülən meyitlər yığılıb ölüxanalara daşınandan, qan gölməçələri yuyulub qurudulandan sonra üzə çıxdı.
- Bu adam ikicə ilin ərzində iki qanlı millət qırğını törətdi. O hadisədən sonra bu adam haqqında artıq nəticə çıxarmaq olardı. Lakin, xalq kütlələri, hipnoza düşmüş müsəlləh ordu kimi, yenə onun ardınca getməyinə davam elədi. Bu da axırı. Camaatı elə bil qan çəkib aparırdı. Tarix təkrar olunur. 1920-ci ildə aclıq və səfalət bataqlığında inləyən xalqın köməyinə gələrək, şəhərə daxil olan rus ordusu və başlarını götürüb aradan çıxan milli azadlıq hərəkatının «qeyrətli» liderləri.
-Bütün bu söhbətlərdən adamın başının tükləri biz-biz durur… - camaat deyirdi. - Bu necə adam imiş, ilahi?!… Onun haqqında hərə bir söz deyir və işin qəribəsi də odu ki, bütün deyilənlərin hamısı da həqiqətdi. Bütün bu deyilənlərə və danışılanlara görə belə çıxırdı ki, prezident - vicdanlı, qorxaq, simasız, təvazökar, riyakar, mənəviyyatlı, xudbin, millətini dəlicəsinə sevən xəstəhal, lakin cəsur adamdı.
Prezidentə ürəyi yananlarasa deyirdilər ki, gərək o, xalqının azadlığı, vətəninin müstəqilliyi uğrunda apardığı İlahi missiyasının başa çatdığını, hakimiyyət xalqın özünə veriləndə anlayaydı…
-…amma qəribədi… - camaat danışırdı, - o, sonralar da, Azadlıq partiyası hakimiyyətə gələndən çox-çox sonralar da - ölkə günbəgün, aybaay, kərpic-kərpic sökülməyə başlayanda da, elə bil uduzduğunu hiss eləmirdi. Ya bəlkə hiss eləyirdi, özünü o yerə qoymurdu?!..
Deyirdilər, hakimiyyətdə olduğu vaxtlar da o, ömrü uzunu milli azadlıq yolunda çəkdiyi əziyyətləri, təqib və işgəncələri, ağır aclıq günlərini həyatının ən işıqlı anları kimi xatırlayır, bu keşməkeşli dövrlərlə gizlicə fərəhlənir, bütün o əzab-əziyyətlərin əbəs getməməsində, iztirablar və mərhumiyyətlər dolu həyat yolunun nəhayət ki, xalqının işıqlı, xoş həyatı ilə nəticələnməsində təskinlik tapır, amma sonra siqaretini tüstülədə-tüstülədə kədərli xəyallar dumanına qərq oldurdu…
- Görən onda o nə fikirləşirdi?.. - «Azadlıq» partiyasının cəfakeş üzvləri narahat üzlərlə bir-birinə zillənirdilər. - Bəlkə «azadlıq» deyilən işıqlı genişliyə uzanan bu yolun, hansısa tamam ayrı - qarmaqarışıqlıqlar dolu sistemsiz yataqxana həyatını andıran anlaşılmaz yaşam üsul idarəsinə gətirib çıxarmasının səbəblərini arayıb axtarırdı?..
Ya bəlkə millətin işıqlı gələcəyi ilə bağlı əbədi ümidlərlə yaşayan bu həssas qəlbli insan ölkədə baş verən bütün o əcayibliklərdən sonra hələ yenə də nəyəsə ümidli idi?!.. Bəlkə ölkədə yaranmış ağır böhranı da o, «millətin aydın sabahına aparan müqəddəs yolun» növbəti mərhələsi hesab edirdi?!.. Ya bəlkə həyatını mübariz ideyalar üzərində qurmuş prezident heç cür başa yetməyən, alınmayan ideyalarından axır ki, cana doyub yorulmuşdu?.. Və indi artıq özü haqqında - insan taleyindən çox, quş taleyini andıran qəribə ömrü haqqında fikirləşməyə başlamışdı, quş kimi qanad çalıb buralardan - heç cür oyanmaq istəməyən bu ölü torpaqlardan uçub getməyi gəlmişdi?!..
Bu sayaq ehtimallardan bir qisim adam kövrəlir, bəziləri əsəbiləşir, yorğun bezginliklə:
- Axı özünü niyə o günə qoyurdu ki, sonra da uçmağı gələ?!.. - deyirdilər.
- Axır ki, bütün bu söz-söhbətdən, bir-birinə uyuşmayan yarıhəqiqəti, yarıuydurmanı andıran ehtimallardan belə çıxır ki… - sonsuz mükalimələrdən başları şişən və axır ki, bir nəticəyə gəlməyə cəhd edən paytaxt sakinləri danışırdı, - …ilk baxışda sadəlövh şair təsiri bağışlayan prezident, elə də sadə adam deyildi. Hakimiyyətdə olduğu dövrlər də, hələ ondan əvvəlki illər də, onun gizlidə, yaxud aşkarda apardığı qəliz siyasi gedişlərinin sirrini, demək olar ki, heç kim aça bilmirdi…
- …Onun, ölkənin şimal-qərbində gedən müharibə ilə əlaqədar özünəməxsus uzaqgörən siyasətindən - uzun müddət içində zərgər incəliyi ilə içində bişirdiyi və heç bir vəchlə heç kimə açıqlamadığı «sirli planlarından» bir çoxları agah idi. Ölkə əhalisi isə bu planın «öncəgörmələrini» onun, müharibənin vəziyyəti ilə əlaqədar hansı telekanalınasa verdiyi unikal müsahibəsindən anlamışdı...
Müsahibədən əvvəl döyüş bölgələrindən çəkilən reportajlarda - necəsə qəfildən düşdükləri müharibə bölgələrində gülləbaranın, qulaqbatırıcı yaylım atəşlərinin səsindən döyüküb çaşan, ayaqlarındakı nazik idman ayaqqabılarında yarımaçıq ağızlarla, böyümüş gözlərlə yan-yörələrinə boylana-boylana qarlı barrikadalarla o yan-bu yana sürünən «igid döyüşçüləri», köhnə dizel xırıltısıyla xırıldayıb işə düşüb, mərmilərini köndələn uçura-uçura hansı yaxınlıqlara endirsə də, heç haranı partlatmayan ağır artilleriya qurğularını göstərmişdilər. Daha sonra ekranda prezidentin özü görünmüşdü. Kostyumunun rəngini, dərisinin qaralığından ayıran ağ qolçaqlı uzun qollarıyla dəyirmi stolun üstündəki külqabını dövrəyə alaraq:
- Demək, biz belə edəcəyik… - demişdi, - həm irəlidən, həm də geridən.
O verilişdən sonra çox adam prezidentin bu həddən ziyadə qısa və qabaqcıl fikirlərinin qəlizliyindən, külqabının və qolların, gətirilən misalda kimi və nəyi təmsil etdiyini axıracan müəyyən edə bilmədiyindən gileylənirdisə də, xalqın əksər hissəsinin, üzü mərhəmət və dözümlük saçan bu adama inamına xələl gətirmirdi.
- Əgər külqabı düşmən ordusuydusa, onda bu ordu, onların mühasirəsinə nə vaxt, necə və hardan düşmüşdü?!.. Yox, əgər külqabı onlar idisə, onda demək, kitabları bağlanmışdı… - siyasətdən az-maz başı çıxan futbol azarkeşləri danışırdı - Elə olan halda əgər kitabları bağlanmışdısa, onda bəs prezidentin üzündəki o nikbin qalibiyyət ifadəsi hardan idi?..
O müsahibədən bir qədər keçmişdi ki, şəhərə ayrı bir vəlvələ düşdü… Deyilənə görə, prezident, hansısa xarici radioya verdiyi müsahibədə gözlənilmədən coşub özündən çıxmış, yumruğunu mikrofon bərkidilmiş stola çırparaq, efirdə partlayış gurultusuna bənzər uğultu yarada-yarada yaxın günlərdə milli ordunun millətin böyük bir qisminin uzun illərdən bəri kölə vəziyyətində yaşadığı qonşu dövlətin ərazisinə hücuma keçəcəyi, ordakı həmvətənlərini azadlığa çıxaracağı barədə rəsmi bəyanat səsləndirmişdi. Səhəri gün «təcavüzə məruz qalmaq ərəfəsində olan» möhtəşəm qonşu dövlət hərb maşınını işə salmış - ağır artilleriyasını, hava və dəniz desantını sərhədlərdə yerləşdirmiş, müharibəyə hazır olduqları barədə ölkəyə cavab notası göndərmişdi. Bu təhlükəli notadan təşvişə düşmüş ölkə əhalisi - kapitanı havalanıb sükanı başlı-başına buraxan gəminin sərnişinləri tək, özlərini bir ucdan dənizə atan kimi, hər anı ölüm və təhlükə saçan bu qorxunc ölkədən baş götürüb qaçmaq üçün tədbirlər tökməyə başlamış, dünyanın bütün informasiya mərkəzləri torpaqlarının az qala yarısı düşmən taptdağı altında olan, hərbi potensialı isə təəsüf doğuran bu balaca məmləkətin belə bir ağır siyasi, iqtisadi böhran keçirdiyi vaxtında ərazisinə, əhalisinin sayına, hərbi və iqtisadi gücünə görə müqayisəyəgəlməz dərəcədcə möhtəşəm bir dövlətə müharibə elan etməsini fövqəladə xəbərlər sırasında dünyaya yayımlamışdı...
Səması gün-gündən qaranlıq buludlar bağlamaqda olan bu məmləkətdən qaçıb canını qurtarmaq istəyənlərin sayı gün-gündən artmaqda idi. Qaçqınlar sırasında çoxlu sayda məşhur sənət adamları, həmçinin, müstəqilliyə yenicə qədəm qoymuş ölkənin müflis iqtisadiyyatını dirçəltmək məqsədi ilə həvəslə işə başlamış işgüzarlar da var idi…
- Qoy getsinlər… - deyilənə görə prezident, opera müğənnilərinin, rəssam və yazıçıların xaricə köçməyindən narahat olan jurnalistlərin suallarını belə cavablandırmışdı, -Xalq hərəkatı öz sənətkarlarını - milli ruhlu sənətkarları yetişdirəcək!..
- Bu, lap Oktyabr inqilabı dövründə bolşeviklərin əsil sənətçiləri, ziyalıları güllələyib, əvəzinə, sovet ideologiyasını yerlərdə bərqərar edən yeni növ fəhlə-kəndli mənşəli sənətkarlara, «sosialist-realizmi ruhunu aşılayan» yazıçı-şair tayfasına meydan verməyini xatırladırdı… - yazıçılar ürkək üzlərlə danışırdılar.
Bəziləri də deyirdi ki, tələsik nəticələr çıxarmaq lazım deyil, yetmiş il bu çürük sistemdə kölə vəziyyətində yaşaya-yaşaya, ayıq düşüncəsini, qıvraq qavrayış qabiliyyətini itirmiş, siyasi cəhətdən cahil bir xalq üçün tamamilə yeni düşüncənin sahibi olan prezidenti anlamaq hələ çox tezdi. Bunun üçün xalq ilk növbədə intellekt baxımından öz üzərində bir qədər işləməlidi…
…Camaatı bir də ən çox çaşdıran - dörd uşaq atası olan bu əlli altı yaşlı prezidentin bu yaşa çatsa belə, hələ də dərzi iynəsi tək, əyin-başsız, yəni evsiz-eşiksiz olması idi. Bu barədə söz düşərkən, bəziləri ağızlarını büzə-büzə üzlərini yana çevirir, o birilər dünyadan bezmiş üzlərlə: «bir adam ki, bu yaşa gəlib çata, nə özünə, nə arvad-uşağına bir gün ağlaya, bir adamın ki, başının üstə damı, yıxılıb yatmağa küncü olmaya, bu boyda xalqa o nə gün ağlayacaq?!..» - deyirdilər.
Bu qəribə adamı yaxından tanıyanlar danışırdılar ki, ümumiyyətlə onu, hələ o prezident olmamışdan əvvəl də, sonralar da nə dünya malı, nə pul, nə şöhrət, nə vəzifə, bir sözlə, insanın ağzını şirələndirən bu kimi dəyərlər maraqlandırmamışdı. Ömrünü, əlinə gələn cüzi qazancla, o qazancın böyük hissəsini kitablara və onları oxumağa heyi olsun deyə, kasıbyana ərşaqa verməklə yaşamış prezident deyilənə görə prezidentlik kreslosunda özünü çox narahat hiss eləyirdi…
-…Elə üzündən də görünürdü ki, özünü pis hiss eləyir, gün-gündən arıqlayır, gözləri çuxura düşür, arıqlıqdan ovurdu-ovurduna keçir, əynindəki pencək-şalvar külək vurduqca, çubuğa geydirilmiş bayraq kimi dalğalanır…
- Biz görmüşük, adamı vəzifədən çıxaranda qəm-qüssəyə düşər, fikir çəkib şam kimi əriyər. Taxtda otura-otura əriyən adamı da gördük, məsləhətinə şükür!.. - camaat danışırdı.
- Qəbul olunmuş protokol üzrə davranış qaydaları onu çox darıxdırırdı. - prezident müşayiətinin əməkdaşları danışırdı - Bir də görürdük, iş gününün axırına yaxın o yoxa çıxdı. Axtarmağa başlayanda, bir də xəbər tuturduq ki, o pay-piyada, maşınsız-müşayiətsiz evə yollanıb. Təsəvvürünüzə gətirirsiz?.. Qoyma, getdi!.. - deyib biz də ardınca götürülürdük. Özümüzü ona güclə yetirirdik. Zalım elə də becid yeriyirdi ki, küçəyə çıxmağıyla gözdən itməyi bir olurdu. Bizi görəndə isə… Bax, elə ki, müşayiət kortejinin - motosikllərin, maşınların səsini eşitdi, addımlarını yeyinlədib özünü adamların gur yerinə salırdı. Ayaqları da uzundu deyə, onu haqlamaq olmurdu… camaata qarışıb gözdən itirdi. Nə isə, axır ki, onu bir təhəo axtarıb tapırdıq… küçənin ortasında camaatı aralayıb, həbs edən tək, mühasirəyə alır, qabağımıza salıb maşına oturdurduq. O da yazıq, cinayət üstündə yaxalanan kimi, başını aşağı salıb uşaq kimi qabağımıza düşürdü, dinməz-söyləməz keçib maşina əyləşirdi. Amma elə də olurdu ki, əsəbiləşib özündən çıxırdı, əl-qol ata-ata üstümüzə qışqırırıb onu rahat buraxmağımızı, cəhənnəm olub yaxasından əl çəkməyimizi əmr edirdi, bizi «nomenklatura nökərləri» adlandırırdı…
- Andiçmə mərasimindən sonra biz onu, çığıra-çığıra da olsa, axır ki, gətirib iqamətgahın vestibülünə sala bildik. - mühafizə xidmətinin əməkdaşları danışırdı. -Qapıları da arxadan möhkəm-möhkəm bağladıq ki, ordan çıxa bilməsin. Mühafizə dəstəsinin sayını birə-beş artırıb iqamətgaha aparan yolları da, hər ehtimala qarşı kəsdik ki, işdi, birdən pəncərədən, ya ayrı bir yerdən çıxıb qaçsa, uzağa gedə bilməsin.
- …O gecə o, başımıza nə oyunlar açmadı?!.. Sarayın şüşə qapılarını yumruqlarıya döyəcləyib ətini kəsirlərmsiş kimi bağırmağa, «Məni bu imperiya qorxulu qaladan azad eləməsəniz, intihar edəcəyəm!..» -deyib bizi qorxutmağa başladı. Eləsə də eləyərdi, gözlərinin dərinliyindəki anlaqsız ifadə bu adamın ən ağlasığmaz addım ata biləcəyindən xəbər verirdi …
Deyilənə görə, daha doğrusu, mühafizə xidməti əməkdaşlarının ifadələrinə görə həmin gecə prezident iqamətgahın ikinci mərtəbəsinə - onun üçün orda hazırlanmış otağına qalxmamışdı, bir müddət iqamətgahın qapılarını döyəcləyib usyankar şüarlar bağırmış, sonra çığırmaqdan yorularaq, elə vestibüldəcə ağ dəri üzlü kreslolardan birində yuxulayıbmış. Deyilənə görə, hökümət üzvləri prezidenti saraya öyrəşdirmək məqsədi ilə təcili surətdə onun şəhərdən uzaq dağ kəndlərinin birində yaşayan ailəsini də iqamətgaha köçürmək qərarına gəlmiş və yaxın günlərin birində prezidentin, həyətyanı bostan sahəsində əkilib-becərilən tərəvəzlə dolanan ailəsini maşınlara doldurub təcili surətdə iqatməgaha çatdırıbmışlar. Sonradan bu iqamətgahda baş verənlər haqqında camaat arasında gəzən gülməli lətifələrin tarixçəsi də məhz həmin o günlərdən başlamışdı…
Deyilənə görə elə həmin həftə iqamətgahın mərmər sütunlu qəbul otağı, nadir Şirvan xalılarıyla döşənmiş vestibülü prezidentin xanımının uzaq kənddən özü ilə gətirib gəldiyi şoraba balonları ilə doldurulmuş, içinə nehrə yağı və pendir yığılan motal dərilərin iyi isə iqamətgahın yaxınlığında yerləşən Mərkəzi xəstəxananın dəhlizələrinəcən gedib çıxmışdı… Deyirdilər, bürkülü gecələrlə şorabalardan bəziləri qıcqırıb qapağını güllə kimi tavana atanda və sirkəni hələ canına çəkməmiş yarıduzlu badımcanlar balonlardan sıçrayıb qara, kök zəlilər kimi ağ, mərmər sütunlara yapışanda, prezidentin mühafizə dəstəsi təşvişə düşərək, sarayın vestibülündə qəfildən başlanan «gülləbaranın», «qıcqırmış şoraba əməliyyatı» olduğunu aydınlaşdıranacan, az qala bütün şəhəri ayağa qaldırıbmış… Həmin dəqiqə sarayın dörd bir yanı silahlı dəstələrlə dolmuş, küçələrdə, şəhərin girişlərində hərbi postlar yaradılmış, sərhəd qoşunu gizli göstərişə əsasən sərhəd zolağını gücləndimiş, güc nazirləri öz müşaiyət dəstələri ilə hadisə yerində peyda olubmuşlar...
Adamlar danışırdı ki, vestibülün ağ, mərmər sütunlardan biri isə prezidentin xanımının adam hündürlüyündə nəhəng saxsı küpdə tutmuş üzüm sirkəsinin badına getmişdi. Deyilənə görə yayın bürküsündə yük mahının arxasında uzun müddət çalxalana-çalxalana yol gələn bu nəhəng küp ağzı möhkəm tıxaclandığından, köpüklənib küpü necə partladmışdısa, iqamətgahın bir sütununu yaralamışdı.
- …O gurultuya biz hərbi vertolyotları çağırdıq… - mühafizə dəstəsinin rəisi danışırdı - vertolyotlar dama xüsusi qumbarayoxlayıcı radarlarla qondu. Biz isə birinci mərtəbəni mühasirəyə aldıq, pəncərələri dağıdıb içəri daxil olduq.
Deyirdilər, saraya daxil olan silahlı dəstə qatı sirkə iyindən boğula-boğula, gözləri acışa-acışa, əvvəl bu şübhəli, kəskin qoxunu gözyaşardan zəhərli qaz hesab edərək, geriyə çəkilmək istəmiş, sonradan vestibülün yuxarı başında dizi üstə düşüb döşəməyə dağılmış sirkəni iri əskilərlə yığan xidmət personalının əməkdaşlarını gördükdə, çaşıb qalmışdılar...
- Hamısı da prezidentin və onun ailəsinin sadəlöhvlündəndi. Kişi xalq adamıdı… - camaat deyirdi.
Deyirdilər, prezident aparatının yenicə tikilmiş binasının qısa müddət ərzində pis günə düşməsi də, prezidentin həmin bu sadəlövh xislətinin nəticəsi idi…
Prezident aparatına yolu düşənlər oraların mənzərəsindən uzun müddət özlərinə gələ bilmirdilər. Deyirdilər, binanın foyesindəki gül-çiçəklə dolu bürünc dibçəklərdən əsər-əlamət qalmamışdı… güllər, siqaret kötüklərinin zəhərindən yanıb qaralmış, adamboylu pəncərələrin şüşələri küləkli havalarda açıq qalmaqdan sınıb tökülmüş, dəhlizlərin tavanı və divarları siqaret tüstüsündən his çəkmiş, qranit sütunlar, bıçaqla cızılıb qaralanmaqdan, tanınmaz hala düşmüşdü. Deyirdilər, bir vaxtlar şəffaf buz parçalarını andıran sütunların üstünə o qədər söyüş, adam adları və doğum tarixləri və «azadlıq» sözü cızılmışdı ki, sütunlar xarabalıq başdaşlarını xatırlatmağa başlamışdı... Pilləkənlərin, dəhlizlərin xəlçələri top-top daşınıb binadan çıxarılmış, qızğın mübahisələrin sonuna yaddaqalan nöqtə qoyan sınıq stul qalaqları künclərə qalanmış, bir vaxtlar dəhlizlərin divarlarını bəzəyən işıq plafonlarını, uclarından lampa asılan elektrik şnurları əvəzləmişdi…
Deyirdilər, ölkə müstəqillik qazanandan, xalq öz tale yoluna qədəm qoyandan çox-çox sonralar da, qəribə idi ki, prezident artıq müstəqil yaşayan ölkəsinin müstəqilliyi, azad xalqının azadlığı haqqında yenə əvvəlki qaydada - on beş-iyirmi ilə əvvəl universitetdə təşkil etdiyi gizli dərnəklərdə danışan tək, coşqun əzmlə danışıb kövrəlir, yenə yanındakılardan kimisə stulun, ya stolun üstünə çıxartdırıb: «Yaşasın azadlıq!» - çığırmağa məcbur edir, özü isə əlləri ilə üzünü qapayıb, səssiz-səssiz ağlayırdı…
- Balam, bu adamı heç cür o «azadlıq» bataqlığından çıxartmaq mümkün olmurdu da… - prezidentə əkiz tayı kimi oxşayan böyük qardaşı deyirdi. - Bu adamı nə uşaq, nə arvad, nə yaşayış, heç nə, heç nə maraqlandırırdı. Nə qarnının hayna qalırdı, nə ev-eşiyinin. Cavanlığından beləydi, bədbəxt. Elə «azadlıq» deyib özündən gedirdi, vəssalam…
- Belə çıxır ki, - müxalif partiyaların rəhbərlərindən biri deyirdi -…prezidentə xalqın azadlığı, dövlətin müstəqilliyi yox, bu azadlıq və müstəqillik yolunda əbədi mübarizə əhvalı lazımmış.
Bəziləri isə danışırdılar ki, prezident, uzun illərin arzularının həyata bu sayaq keçməsinə, ölkəsinin əslində, bu kağız üstə müstəqilliyinə, yalançı azadlığına ağlayırdı, son vaxtlar keflənəndə, boğazını tutan qəhəri zorla udub:
- Bu o deyil. - deyirdi. - Bu, o azadlıq deyil. - deyib sümüklü yumruğunu stola çırpır, sonra başını qolunun üstə salıb o ki, var ağlayırdı…
- …başa düşmək olmurdu, bu bədbəxt hansı azadlığı deyir... - camaat çaşqın üzlərlə, nəfəsləri darala-darala, bir-birinin üzünə baxırdılar - o deyən hansı azadlıqdı?.. Əgər azadlıq bu deyildisə, o hansı azadlığı deyirdi?..
Deyirdilər, yeni hökümət üzvləri arasında prezidenti ən çox sevən, ona ana qayğısıyla yanaşan yeganə adam - həlim xasiyyətli, gülümsər üzlü, nəzakətli müdafiə naziri idi... Nazir olmazdan əvvəl, ömrü boyu yol yeməkxanalarında aşpazlıq edən bu qayğıkeş insan deyilənə görə, düşmən ordusu ölkənin daha bir bölgəsini zəbt eləyən vaxtlar belə, prezidenti baxımsız qoymur, özünü gözlə-qaş arasında iqamətgaha yetirir, nahar saatlarında mətbəxə enib orda prezidentin sevimli xörəyini - yaşıl lobya ilə göbələk qovurmasını hazırlayır, onu prezident xoşlayan kimi, lavaşa büküb otağına aparırdı.
Meşə göbələyinin həvəskarı olan prezident yalnız bu ləzzətli bükməni yeyib qurtarandan və naharın üstündən bir stəkan pürrəngi çay içib rahatlanandan sonra nəzakətli nazir tədricən işgüzar görkəm alır, bir əli ilə naharın qırıntılarını stolun üstündən yığa-yığa, yenicə zəbt olunmuş bölgə barədə qara xəbəri prezidentə üstüörtülü eyhamlarla, baş vermiş qanlı faciələrə çəhrayı rənglər artıra-artıra, ehtiyatla elə təqdim edirdi ki, canı, onsuz da, ölkə daxilində baş verən qeyli-qaldan üzülmüş prezidentin əhvalını korlamasın.
Təhlükəsizlik naziri isə deyirlər, prezidenti, hələ o prezident olmamışdan əvvəl də, öz qüvvətli əzələli qollarıyla bütün təhlükələrdən, çox vaxt prezidentin iş otağında baş verən qəfil əlbəyaxa savaşlardan layiqincə qorumağı bacaran sağlam bədənli, alyanaqlı gümrah dağ adam idi. - Ölkənin təhlükəsizliyinə xidmət edən gizli dövlət məsələlərinin, məxfi sənədlərlin kənd toylarında qarmon çalmağı, ahəstə səslə muğamat oxumağıyla məşhurlaşmış bu xanəndəyə həvalə olunması o dövrlər hamını çaş baş qoymuşdu… - camaat danışırdı.
«Azadlıq» partiyasının vəzifə etibarı ilə daha samballı nümayəndələri bədəncə onlardan qat-qat iri olan bu adamla ehtiyatla davranır, dedikləri sözü ürəklərində götür-qoy edir, ölçüb-biçirdilər. Deyilənə görə nazir Azadlıq partiyası hakimiyyətə gələnəcən, uzaq kəndlərin birində idman müəllimi işləmiş, ağır çəkili güləşçi olmuşdu. Odu ki, deyirdilər, prezidentin otağında cari məsələlərin müzakirəsi zamanı yeni hökümət üzvlər arasında narazılıq düşəndə və çəlimsiz prezidentin həyatı təhlükə altında qalanda bu alyanaq təhlükəsizlik naziri göz qırpımında özünü saraya yetirir, gözlənilmədən, otağın pəncərəsindən, yaxud, stolun altından peyda olub məşhur «dövlət-prezident, prezident-dövlət!» - şüarını bağıra-bağıra söhbətlərə bircə dəfə kəllə atmaqla son qoyurdu.
Deyirdilər, belə günlərin birində həmin bu ağır çəkili güləş ustası prezidentlə hansı məsələyə görəsə mübahisəsi düşmüş baş nazirə necə kəllə atmışdısa, o biri milçək kimi divara yapışmışdı... Deyirdilər, o hadisədən bir müddət sonralar da, nazirin, divara həkk olunmuş biabırçı qövsvari silueti nə qaşınmaqla, nə də yuyulmaqla getmədiyindən, məcbur olub otağın bütün divarlarının məxmərini dəyişmişdilər...
- …O günün səhərisi isə… - camaat danışırdı, - Milli İstiqlal bayramı günü, onlar hər üçü heç bir şey olmayıbmış kimi, dəyirmi stolun arxasında yanaşı oturub bir-birin tərifləyə-tərifləyə, millətin azadlığına, dövlətin müstəqilliyinə aparan təbii tarixi qanunauyğunluqlardan danışır, bir-birini və xalqı bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirdilər.
-…Bir sözlə, bu dəlixanadan baş açmaq olmurdu. Səhərlər nazirlər televiziyanın canlı yayımla verdiyi müşavirələrdə söyüşür, günortalar bir yerdə ailəvi nahar edir, parlamentin axşam iclaslarında təpikləşir, axşamlarsa bilyard oynayırdılar…
- Şükür Allaha!.. - camaat deyirdi - Axır ki, Allah bu binəva camaatın səsini eşitdi...
Deyirdilər, şəhərdən uzaq kazarmada baş vermiş faciəsindən sonra prezident gecəylə başını götürüb harasa qaçmışdı…
- Axı belə baxanda, - camaat deyirdi - prezidentin nə günahı vardı ki?!.. Sonradan acgöz nazirlərə, quldur - müşavirələrə çevrilən bu sadəlövh kənd adamlarına o bədbəxt kimi, onlar da inanmışdı axı?!..
Bir qism adam deyirdi ki, prezident ölkədən, baş nazirin əlindən baş götürüb qaçmışdı. Baş nazir özü isə deyirdilər, Afrikaya qaçmışdı... Niyə məhz Afrikaya, burası heç kimə məlum deyildi. Məlum olanı bircə bu idi ki, baş nazirin, hələ nazir olmamışdan çox-çox əvvəllər coğrafiyadan dərs dediyi kənd məktəbində Afrikadan danışanda qəribə, anlaşılmaz bir niskillə doluxsunmağı hələ o vaxtlar hamıya - əsasən, əkinçilik və maldarlıqla məşğul olan kənd camaatına qəribə gəlirmiş… Şəhərə yayılan bu xəbərdən sonra bəziləri yarıdoğru-yarızarafat deyirdilər, guya baş nazirin ulu babaları o torpaqlardandı. Bəziləri isə bu Afrikaya söhbətinin, baş nazirin zənci dərisinə oxşar qəhvəyi dərisi, xırda qıvrımlı, cod saçları, həbəş dodaqlarını andıran qalın dodaqları və iri pərəkli enli burnuna görə ortaya çıxdığını zənn edirdi. Həqiqət də, baş nazirin Afrikaya qaçması xəbəriylə zahiri görnüşündə qəribə uyarlıq, mistik romantika yaradan nə isə də var idi…
Çoxu isə ümumiyyətlə, bu fikirjə idi ki, nazir qaçmamışdı, onu qaynar qumlu, doğma vətəni - ətirli kakos və manqo ağacları arasında qayğısız bolluq dünyasında, Günəşin istisinə sevinə-sevinə yaşayan qardaş-bacılarının qaynar qanı çəkib aparmışdı…
Amma… - deyirdilər, - Afrika olmur, lap belə Antraktida olsun, xeyri yoxdu, onu, harda olsa, tutub dərisini boğazından çıxaracaqlar. Çünki, deyirdilər, bu bir il ərzində baş nazir ölkənin neçə illik yanacaq ehtiyatını ata malı kimi, vaqon-vaqon xarici şirkətlərə dəyər-dəyməzinə satıb pulunu altına vurmuşdu. Dünənki hadisədən sonra da olsun ki, həmin o yığdıqlarını qoltuğuna vurub, çantasına basıb, qorxaq fərari kimi aradan çıxmışdı. Allah bilə, indi - ölkənin başını qara buludlar aldığı bu vaxtında - yaz fəslinin yamyaşıl təravətiylə tumurcuqlanıb pardaxlanmaq əvəzinə, donuxub, döyüküb bozardığı, ölkə iyirmi yeddi igidinə görə qara matəm libası geyib qəm dəryasına qərq olduğu bir məqamda baş nazir öz günəşli Afrikasında şirin banan və baobab ağaclarının kölgəsində şellənir, məmləkətində qarət elədiyi pullarını bu ucuz və azad məmləkətdə nəyə xərcləyəcəyini götür-qoy eləyirdi…
- Burnundan gəlsin!.. - camaat deyirdisə də, hamı başa düşürdü ki, afrikalı baş nazirin burnundan heç nə gəlib eləməyəcək.
…Günortaya yaxın isə paytaxtı yeni xəbərlər dalğası çalxaladı. Deyilənə görə bir saat bundan əvvəl Daxili İşlər nazirini - qara eynəkli, çəlimsiz, əsəbi generalı həbs etmişdilər.
Bir qisim adam deyirdi ki, naziri aeroportda - iki konteyner silahı uçuş xəttinə keçirərkən tutmuşdular. Guya nazir aeroportu zəbt etmək istəyirmiş. Bəziləri də deyirdi ki, generalı şəhərin mərkəzi küçələrindən birində, kiməsə şillə vuran yerdə yaxalayıblar. Əgər elə idisə, onda belə çıxırdı ki, dünənki qanlı faciə də, yeni hökümətin əldəqayırma üzvlərinin qəfil zərbə almış bilyard şarları kimi pərən-pərən olub hərənin bir deşikdə gizlənməsi belə əsəbi nazirin «şilləvuranlıq» şakərini tərgitdə bilməmişdi.
Deyirdilər, nazir öz müşaiyət dəstəsi ilə - altı polis maşını, dörd motosikllə yoldan güllə kimi ötərkən, yol maşınlarından biri təsadüfən onun müşaiyət karvanının qarşısından vıyıltıyla ötüşərək, balaca nazirin əsəblərinə toxunubmuş. O, həmin dəqiqə «cəsarətli» maşın sahibinin izinə düşərək, onu xüsusi radardların köməyi ilə saxlatdırmış, maşından enib balaca, nazik bədəniylə ona yaxınlaşmış, məşhur qara, dəri əlcəyini tarıma çəkib qanacaqsız sürücüyə öz əlamətdar şilləsini ilişdiribmiş…
Nazirin bu şillə xəstəliyi deyilənə görə onu, hələ lap tələbəlik illərindən məşhurlaşdırıbmış. Deyirdilər, nazirin özünün dediyinə görə balaca bədəninə uyuşmayan yekə, əzələli əlləri hələ lap tələbəlik vaxtlarından sözünə baxmır, ona tabe olmurmuş. Deyilənə görə, nazir hələ o vaxtlar da - Daxili İşlər nazir olacağı ağlına gəlməyən dövrlərdə belə adamlarla əsəbsiz-filansız, mülayim səslə danışdığı yerdə əlləri necəsə, qəfildən özü-özünə cinlənirmiş, cərəyan vuran tək, atılıb üzbəüzdəkinin sifətinə ilişirmiş. Deyirdilər, guya nazir, özü də bu tərbiyəsiz əllərinə görə xəcalət çəkdiyini bildirir, həmsöhbətləriylə, əllərini arxasında iplə sarıyan tək, bir-birinə sarınan halda ünsiyyətə girsə də, bu dikbaş əllərini heç cür ram eləyə bilmədiyindən gileylənirmiş.
Bəziləri isə deyirdi ki, əlləri haqqında qurub düzəltdiyi bütün bu nağıllar nazirin öz uydurmasıydı.
- Əgər həqiqətən eləydisə, əlləri doğrudan da ona tabe olmurdularsa, onda niyə bir dəfə də şillənin biri çaşıb onun öz sifətinə dəymirdi?!.. Bu, ətrafdakıların bir növ gözünün odunu almağın, təhlükəli ola biləcək fikirlərin, hələ fikir olmaq ərəfəsində yoldaca yönunu dəyişməyin, hamını öz cılız vücuduna tabe elətdirməyin bir üsulu idi. - camaat deyirdi.
Bir qisim adam da deyirdi ki, nazir lap uşaq vaxtı kəndlərindəki mal tövləsinin damından yıxılaraq, başından zədə alıbmış və hər şey də deyilənə görə, bu zədədən sonra başlayıbmış. Odu ki, deyirdilər, onu yaxalayarkən, bu hadisədən hali olan hərbçilər birinci növbədə onun əllərini bağlayıblarmış.
Deyirdilər, nazirin bu ədəbsiz adətindən nazirliyin qalan işçiləri də yoluxubmuşlar. Nazirliyin «daxili işlərinin» çox vaxt nazirliyin otaqlarında, dəhlizlərində şilləylə həll olunması, ölkənin daxili asayişini gözləyən bu vacib əhəmiyyətli qurumun, deyilənə görə, bir növ gündəlik ünsiyyət vasitəsinə çevrilibmiş. Deyirdilər, bəzən bu şillə anlaşılmaları yoğunlayıb polislərin əlbəyaxa döyüşü, bəzənsə güllə-baranla nəticələnirmiş.
- Bir də görürdün, - nazirliyə yaxın ərazilərdə yaşayan şəhər sakinləri danışırdı - gecənin bir aləmi nazirliyin binası mühasirəyə alındı. İçəridən atışa-atışa çıxan silahlı dəstə yuxarı mərtəbələrinin pəncərələrindən atılan güllələrə cavab atəşi aça-aça kol-kosun dibində gizləndilər. Deyirdik, olsun ki, şəhərdə düşmən var, ya da hərbi vəziyyət elan olunub, xəbərimiz yoxdu. Sonra məlum olurdu ki, atışanlar nazirliyin müxtəlif şöbələrinin sözləri bir-birinin boğazından keçməyən əməkdaşlarıymış. Sən demə, bunlar mübahisələrini belə həll edirlərmiş…
- Bu, ağıllı-başlı döyüş idi. Amma qəribə olanı o idi ki, burda nə ölən, nə də yaralanan olmurdu. - camaat danışırdı. - Başa düşmək olmurdu, güllələr kimisə qorxutmaq üçün havaya atılırdı, yoxsa, atılan güllə idimi?..
Belə döyüşləri adətən, balaca, əsəbi generalın nazirliyin yuxarı mərtəbələrindən birində yerləşən otağının döşəməsinə açdığı irikalibrli güllə sakitləşdirirdi. Yalan-doğru, deyirlər, generalın gülləsi yeddi mərtəbənin tavan-döşəməsindən keçə-keçə, gəlib vestibülün mərmər döşəməsinə düşənəcən güllə-baran davam edir, yalnız əlamətdar Atəş eşidiləndən sonra atışma səsi kəsilir, kol-kosda gizlənənlər ayağa qalxıb üst-başlarını çırpa-çırpa binaya daxil olur, heç bir şey olmayıbmış kimi, hərə öz otağına çəkilirdi.
Deyilənə görə, prezidentin özü də, prezidentliyə həmin bu cinli generalın qorxusundan razılıq vermişdi. Bədnam «Azadlıq» partiyasının hakimiyyətə gəldyi günün səhəri yenicə zəbt olunmuş prezident aparatında keçirilən yığıncaqda deyilənə görə, prezident arıq, uzun qıçlarını bir-birinin üstünə aşırıb azad asudə oturduğu yerdə qəfildən gözü cinli generalın, üzbəüzdəki küncdən ona, kor eynəyini xatırladan, qara eynəyin arxasından üzünə zillədiyi qorxunc baxışlarına sataşmış və o, həmin dəqiqə prezident olmağa razılıq vermişmiş…
Deyilənə görə dünən şəhərdən uzaq kazarmada baş vermiş faciənin hərbi əməliyyatı da hazırlanarkən, prezident iqamətgahda keçirilən gizli yığıncaqda əsəbi generalın həmin o baxışlarına məruz qalmış, bu qəddar aktla heç cür razılaşmayan humanist prezidenti ram edə bilmişdi.
Mühafizə alayının dediyinə görə, o gecə - gizli yığıncağın sonuna yaxın prezident ani görüntüylə iqamətgahın cıqqavari artırmasında görünmüş, üzünü şəhərə sarı tutub qəhərli səsiylə qışqıra-qışqıra:
- Ay camaat, eşidin məni!.. Mən belə demirdim!.. - demişdisə də, əsgərlər and içirdilər ki, artırmanın məhəccərindən asılıb elə bil özünü aşağı atmaq istəyən prezidenti, içəridən eyvana atılan bir neçə adamın sürütləyib içəri apardıqlarını öz gözləriylə görmüşdülər. Qaranlıq düşdüyündən, əsgərlər bu adamların kimliyini müəyyənləşdirə bilməsələr də, onların yeni hökümətin üzvləri olduğunu da istisna etmirdilər. Əsgərlərin bu ehtimalının səbəbi isə, yığıncaq vaxtı iqamətgahın arxa qapısından oğrun-oğrun həyətə çıxaraq, orda kol-kosun dibində xısınlaşan, aradan bir gizli-gizli künc-bucağa qusan adamların güc nazirliklərinin rəhbərlərinə oxşaması olub.
- Allah bilir, onların ürəyini o axşam çıxardıqları ədalətsiz qərarın vahiməsi bulandırmışdı. - camaat deyirdi - Bu qərarla, olsun ki, özlərinə oxuduqları ölüm hökmünün havasını da anlamışdılar.
Deyilənə görə, həmin o gecə nazirlər coşub özündən çıxan prezidenti uzun müddət sakitləşdirə bilmirdilər. Prezident onların əlindən çıxıb düz divara dırmaşır, stolun altına girir, pərdələri ip əvəzinə boğazına dolayıb: «Öldürün məni!.. Məni öldürün!..» - deyə-deyə, səsi gəldikcə bağırırdı. Deyirlər, bu ürəkgöynədən mənzərəyə tab gətirməyən, əsəbləri zəif daxili işlər naziri o gecə dözməyib, müdafiə nazirini şillələmiş, müdafiə naziri kəllə atıb baş nazirin gözünün altını göyərtmiş, təhlükəsizlik naziri - keçmiş idman müəllimi havalanmış nazirləri sakitləşdirmək məqsədiylə ortaya girməyə məcbur olmuş, bir-iki qapaz alandan sonra püskürüb nərildəyə-nərildəyə döyüş meydanına atılmış və bircə yumruğuyla azğın nazirlərin ikisini birdən yerə sərmişdi.
- O gecə iqamətgah uçulurdu. - mühafizə xidmətinin əsgərləri danışırdı. - Pəncərələrdən, əlbəyaxa olub otaq boyu o baş-bu başa süpürləşən nazirlərin kölgələrindən başa düşürdük ki, içəridə əməlli-başlı döyüş gedir.
- Bir də gördük kimsə top kimi pəncərəyə dəydi, şüşəni başıyla yarıb, yuxarıdan kəlləsi üstə həyətə düşdü. Özümüzü ora yetirəndə baxıb gördük cinli generalın özüdü.
Deyilənə görə həmin axşam gecədən xeyli keçmiş nazirlər aşağı düşüb bir müddət də həyətin qaranlığında söyüşüblərmiş, sonra haçandan - haçana maşınlarına minib bir-birinin ardınca yola düzəliblərmiş. Bir qədər sonra isə iqamətgahın işıqları sönəndən, ətrafa yuxulu sakitlik çökəndən sonra içəridən idman geyimində, ayaqlarında yumşaq idman ayaqqabıları oğrun-oğrun çıxıb pay-piyada şəhərin yuxarı məhəllələrinə - dağətəyi parkda salınmış Şəhidlər xiyabanına yollanan prezidentin özü görünübmüş…
- Bu, lap «Min bir gecə» - nin qorxulu nağıllarını xatırladırdı… - mühafizə dəstəsinin əsgərləri danışırdı. - Ətraf qaranlıq sakitlik idi… bir də gördük, iqamətgahın birinci mərtəbəsindəki mətbəxin pəncərəsindən çölə uzun, arıq ayaq uzandı… ayağın ardınca çölə idman geyimi geymiş arıq, uzun bədən sivişib çıxdı. Əvvəl biz atəş açmaq istədik, sonra baxıb gördük ki, prezidentin özüdü… idman formasının üstündən geydiyi yüngül gödəkçədə pəncərədən düşüb özünü ağaclığa saldı. Dedik, olsun ki, onun da ürəyi bulanır. Amma bir də gördük, o, ağaclığın o biri başındakı hasarı aşıb şəhərə aparan maşın yoluna çıxdı. Onda təcili surətdə rəisə xəbər verdik və həmin dəqiqə də göstəriş aldıq ki, hay-küy salmadan, prezidenti hürkütmədən, gizlicə onun ardınca gedək. Biz də getdik...
- İqamətgahın hündür hasarını o necə aşdı, başa düşmədik… izinə düşüb səs salmadan ardınca getdik, görək bu vaqeənin sonu nəylə bitəcək. O, küçəyə çıxıb oğrun-oğrun yan-yörəsinə baxdı və divarlara qısıla-qısıla harasa, üzüyuxarı geaddımladı. Bir qədərdən sonra şəhidlər xiyabanına döndüyünü görüb biz də özümüzü xiyabana saldıq. Qaranlıq idi deyə, bir müddət onu orda, sıx ağaclıqların arasında ha axtardıqsa da, tapa bilmədik. Onda ayaq saxlayıb sakitliyə diqqət kəsildik, bəlkə hənirtisini eşidək. Elə bu məqam hardasa, lap yaxınlıqdan eşidilən iniltidən, onun hardasa, lap buralarda olduğunu anladıq… kolların arasıyla sürünə-sürünə səs gələn tərəfə getdik və gördüyümüz mənzərədən çaşıb qaldıq… O mənzərə indiyə qədər heç birimizin yadından çıxmır. Siz bir təsəvvür edin: o boyda ölkənin prezidenti üstü yalançı, dəmir güllərlə bəzədilmiş qəbirlərin arasında üzüqoyulu yerə uzanmışdı… üzünü torpağa sürtə-sürtə, uşaq kimi ağlayırdı… Bunu görəndə biz elə günə düşdük ki, dizi üstə düşüb onunla bir hönkürüb ağlamaqdan özümüzü zorla saxladıq. O bizi görəndə, dikəlib torpağa dirsəkləndi ağzına dolan palçığı əlinin arxasıyla silə-silə:
- Öldürün məni... Mən ölməliydim… Mən - yaramaz!!! - deyib hönkürməyə, gözünün suyu ağzına dola-dola ağlamağa başladı…
Paytaxt sakinlərinin dediyinə görə, ümumiyyətlə, prezident Şəhidlər xiyabanına tez-tez, əsasən də gecələr - bütün şəhər dərin yuxuya qərq olandan, küçələrdən əl-ayaq çəkiləndən sonra gedirdi. Bəzi gecələr isə onu, şəhərin küçələrində pencəyi çiynində, bomboş maşın yollarıyla tək-tənha veyilləndiyini, veyillənə-veyillənə mahnı oxuduğunu görənlər də vardı. Bir dəfə isə, deyilənə görə, mühafizə dəstəsinin əsgərləri onu şəhər bazarlarının birinin çirkli qarovul kökündə qoca, sərxoş qarovulçu ilə oturub çaxır içdiyi yerdə tutmuşdular. Deyirdilər, onu qarovul köşkündə tapanda, o, azadlıqdan danışırmış… Əynində sırıqlı kürk, başında kirli, dəri papaq yarım kilometrdən soğan iyi verən kefli qarovulçu da deyirlər, ona qulaq asa-asa ağlayırmış…
Bir qisim adam prezidentin bu gecə sərgərdanlığını, onun kiməsə aşiq olmasıyla əlaqələndirirdisə də, onu yaxından tanıyanlar - bütün vücuduyla hansısa ayrı dünyanın vətəndaşı olan bu qəribə adamın aşiq olub sevdiyinin, sevə-sevə başını itirdiyinin və heç cür qovuşa bilmədiyinin həmin o zəhirmara qalmış azadlıq olduğunu müxtəlif qəliz vasitələrlə sübuta yetirməyə çalışırdılar.
- Axı bu azadlıq nə olan şeydi ki, o boyda adamı havalandıra?!.. - camaat təəccüblənirdi.
Həmin o gecə şəhərdən uzaq kazarmada baş vermiş qanlı faciənin hərbi planı təsdiqlənən həmin o taleyüklü, məşum gecə nazirlər prezidentə verdikləri sözün üstündə durdular və deyilənə görə, səhəri gün prezident iqamətgahının həyəti, əlləri kameralı, mikrofonlu çəkiliş qruplarıyla, nəhəng efir ötürücüləri avadanlıqlarıyla dolmuşdu. Projektorlar, mikrofonlar prezidentin otağında qurulmuş, kameralar işə düşmüşdü… Deyirdilər, o gün prezident hündür, çəkisiz bədəniylə otağına daxil olub, törədilmək üzrə olan qanlı cinayət barədə bütün ölkəyə bəyənat verməkdən ötrü yuxarı başa - öz kreslosuna keçəndə, hamının ona ürəyi ağrımışdı…
- Prezidentin üzü eləydi, elə bil uzun müddət yatdığı işgəncə kamerasından yenicə buraxılmışdı... - operatorlar danışırdı.
Deyirlər, prezident bir müddət projektorların gur işığından qamaşan üz-gözünü yığıb don vurmuş kimi, susub qalmış, bir qədərdən sonra günah və əzab saçan titrək səsiylə çıxışına başlamışmış…
- Əziz xalqım!.. - prezident öz müraciətinə belə başlayıbmış, lakin həmin an boğazına dolan qəhərdən sözünü yarımçıq kəsmiş, çıxışının ardını bir neçə saniyədən sonra davam etdiribmiş. - İndi deyəcəyim sözlər qoy qəlbinizi ağrıtmasın. Mən… - deyirlər bu yerdə prezident yenə sözünə ara vermiş, gözlərinə dolan yaşı barmağının ucuyla silib, özünü toplayıb sözün ardını gətiribmiş, - …ömrümün əsaslı hissəsini millətimin azadlığı, ölkəmin müstəqillliyi uğrunda gizli və aşkar mübarizələrə həsr etdim. Bu məslək uğrunda başım min bir bəla çəkdi, həbsxanada da yatdım, bilirsiz… və bununla yalnız qürur duyuram. İstəyirəm bunu da biləsiz ki, o vaxtlar Dövlət Təhlükəsizlik Komitəsinə dindirmələrə çağrılanda mən, hamıya məlum səbəbdən tutulmaya da bilərdim. Tutduğum yoldan əl çəkib tövbə etdiyimi rəsmi izahatla bildirərək, canımı həbsxana əzablarından qurtara da bilərdim. Lakin mən bunu eləmədim. Ona görə eləmədim ki, istədim xalqımın adam öldürmək, ev qarət eləmək, fırıldaq və zor üstə tutulub dustaqxanalarda yatmaqdan çəkinməyən oğulları siyasi məhbusluqdan qorxmasın! Xalq nəhayət başa düşsün ki, bu dünyada «siyasi mübarizə» adında da «cinayət» var və bu «cinayətin» o birilərindən fərqi budur ki, onu törədib məhbəslərdə çürüyənlər, özlərini müqəddəs amal uğrunda - xalqın azadlığı və müstəqilliyi yolunda qurban verirlər və milyonlarla xalq kütlələrinin işıqlı gələcəyinin təməli məhz bu şəhidliklə qoyulur! İstəyirəm, bunu da biləsiniz ki, mən özümü, keçib gəldiyim həmin o həyatımla, çəkdiyim min bir işgəncə və əzablarımla xoşbəxt hesab edirəm. Bu gün biz artıq müstəqillik yoluna qədəm qoymuşuq, öz taleyimizi özümüz həll etməyə qadirik. Lakin, bu qadirlik hələ müstəqillik demək deyil deyil. Əziz xalqım, istəyirəm, məni düzgün başa düşəsən və əgər günahkaramsa, cəzamı durmadan, bu dəqiqə ver. Mən… - deyirlər, bu yerdə prezident danışmağa çətinlik çəkdiyindən, ya nədənsə, yenə susubmuş, sonra altı kölgələnmiş gözlərini utancaqlıqla döşəməyə endirib günahkar səslə, - xalqımı azadlığa çıxaracaq yolları arayıb axtararkən, son ucda müstəqillik əldə edəcək vətənimin taleyi etibar ediləcək rəhbər haqqında fikirləşməmişəm. Mənə inanın, mən… - deyirlər, bu yerdə prezident susub başını aşağı salaraq, elə bil deyəcəyi sözdən xəcalət çəkibmiş. - Bu, mən deyiləm…
Deyirlər, bu yerdə çəkiliş meydanına səssiz çaxnaşma düşmüşdüsə də, prezident sözünə davam eləmişdi.
- Məni bağışlayın. Bağışlayın ki, nə o qanlı yanvar gecəsi, nə ondan sonra, müharibə bölgələrində ölmədim. Bağışlayın ki, xəyalımda qurduqlarımı həyata keçirə bilmədim. Buna qadir olmadım. Bağışlayın ki…
Prezidentin bu qısa, lakin təsirli çıxışı, deyirlər, hamını - çəkiliş qrupunu da, onların arxasında, əlləri qoyunlarında dayanan iqtidar nümayəndələrini də kövrəltmişdi. Ortaya düşən hüznlü sakitliyə, deyilənə görə, nazirlər də riayət etmiş, incə qəlbli müdafiə naziri alnını divara söykəyib səssiz-səssiz ağlamışmışdısa da, deyirdilər, ölkə həyatını təltümə gətirə biləcək bu bəyənat nə o gün, nə də sonralar nə efirə buraxılmış, nə də mətbuat səhifələrində yer almışdı. Deyirlər, prezident çıxışını başa vuduqdan və sarsılmış vücuduyla adamların arasından keçərək, yuxarı qalxdıqdan sonra qəfil gözlənilməzliklə çəkiliş yerində peyda olan bir dəstə vətəndaş geyimli adam çəkiliş kasetlərini necəsə, ələ keçirmiş, adamları isə prezidentalayının köməyi ilə iqamətgahdan kənarlaşdırmışdılar. Yeni hökümətin bu azğınlığından hiddətlənmiş tele və radiojurnalistlər iş yerlərinə qayıdıb şirkət rəhbərlərinə şikayət etmişdilərsə də, sədrdən - «Azadlıq» partiyası hakimiyyətə gələnəcən, ölkənin dağ rayonlarında aşıq kimi məşhurlaşmış sənətpərvər adamdan aydın bir cavab ala bilməmişmişdilər…
Danışırdılar ki, Dövlət Televiziya və Radio Komitəsinin alçaq boylu, kürən sədri bir vaxtlar kənd toylarında aşıqlıq etməyi ilə, sazı sinəsinə basıb partiyaya, xalqlar dostluğuna qoşduğu mahnılardan oxuyub ayaqlarını dümbək çubuqları kimi becid-becid tərpədə-tərpədə oynamaqla ad qazanmışdı. Bir vaxtlar Oktyabr inqilabının qələbəsinə qoşduğu məşhur «Oktyabr» mahnısını oxuyarkən isə deyirlər, o sazı sinəsinə basıb, gözünü yumub:
-Oktu… Oktu… - deyə-deyə, bir müddət hamını gözlədir, camaat çəpik çalıb qışqırışandan sonra sözünün ardını gətirə-gətirə:
- …yabr qadan allam, yabr qadan allam!.. Uh-hey!.. - deyib yayın cırhacırında da dizlərinin ağzınacan çəkdiyi qara, meşin uzunboğazlı ayaqlarını çevik oynaqlıqla tərpədə-tərpədə rəqs edir, bu «uh-hey» - siz də heç cür keçinə bilmirmiş.
Deyirdilər, sədr parlamentin iclaslarına, dövlət müşavirələrinə və konfranslara da həmin bu uzunboğazlarında, çiyninə aşırdığı sazıyla gedir, oralarda söz vətəndən, ya millətdən düşəndə, qəfil çılğınlıqla coşub özündən çıxır, sazı sinəsinə basıb, gözlərini yumub bir ucdan, vətənə qoşduğu «güllü-bülbüllü» şerləri bir-birinin ardına düzməyə başlayırmış. Belə məqamlar deyirdilər, sazı onun əlindən almaq bir kəsə müyəssər olmurdu. Sədr:
- Bu, mənim silahımdı!.. - deyib əzmlə kürsüyə qalxır, gözünü yumub səsini əsdirə-əsdirə zilə qalxırdı. İclasa dığ-dığ düşür, bəziləri yerə tüpürüb salonu tərk edir, o birilər iki bir, üç-iki bufetə axışır, qalanları qəzet oxuya-oxuya mürgüləməyə başlayırdılar.
Deyirdilər, sədrin bu yanıqlı mahnılarına bircə prezidentin özü sonacan, sədr uhuldamaqdan yorulub susana qədər xüsusi diqqətlə qulaq asırdı. Prezidiumun arxa kreslolarında tək-tənha oturub siqaretini tüstülədə-tüstülədə, gözləri yol çəkə-çəkə fikrə dalır, bəzənsə başını qollarının üstə qoyub elə bil yuxulamağa çalışırdı…
…Devrilməkdə olan əldəqayırma iqtidar barədə söz-söhbət saatbasaat artır, yeni-yeni xəbərlər, ağlasığmaz şayələr mayası qıcqırmaqda olan xəmir kimi aşıb-daşır, bir ucdan yeni-yeni «xoruz səsi eşitməyən» xəbərlər dalğası axıb gəlir, xəbər çeşidi artıb çoxaldıqca, son aylar ölkədə baş verənlərdən onsuz da başlarını itirmiş paytaxt əhlinin çaşqınlığı bir az da artırırdı… Axşamlarsa, hava qaralar-qaralmaz şəhərin canına kütləvi xof yeriməyə başlayır, qapısız-bacasız ölkəni bürüməkdə olan acı yiyəsizlik qoxusu tutqun duman kimi məmləkətin başının üstünü alırdı…
Şəhərdən uzaq kazarmada baş vermiş faciədən sonrakı gecə küçələrdən əl-ayaq çəkiləndən sonra paytaxta daha qorxunc bir sakitlik - ölüm sükutunu andıran ağır matəm sükutu çökdü. İnsanlar evlərinə çəkilib, hərə öz qaranlıq otağında, tənha yatağında, gün ərzində şəhəri dəmə qoyulan xörək tək, ahəstə-ahəstə qaynadan söhbətləri - hakimiyyətə öz çiyinlərində gətirib gəldikləri, yaxın günlərədək ümid bağlayıb göz dikdikləri bir dəstə nankorun törətdikləri bir-birindən əcayib əməllərini yadlarına salıdıqca, özlərini nəyinsə, hansısa daha qorxunc təhlükənin astasında hiss etməyə başladılar. Bu qədər əcayibliyi, cəmi bir ilin ərzində ölkə boyu törənən ağlasığmazlıqları saf-çürük eləmək, kimin doğru, kimin əyri olduğunu ayırd eləyib ümumi mənzərəni aydınlaşdırmaq, başı gün ərzində şəhərin dörd bir yanından axıb gələn söz-söhbətlərdən şişmiş şəhər əhalisi üçün bir o qədər də asan deyildi.
- Hər şey olduqca qəliz və anlaşılmaz idi… Aydın olan bu idi ki, ölkə dərindən dərin bir quyuya düşmüşdü və bu, indi belə məlum olurdu ki, illərlə coşqun vətən yanğısıyla küçələrə, meydanlara tökülüb orda yayın istisində, qışın soyuğunda yumruqlarını havaya döyə-döyə tələb etdikləri və qazandıqları həmin bu «azadlığın» nəticəsiydi. - məşhur politoloq eynəyini əsəbi hərəkətlə hey geriyə itələyə-itələyə danışırdı.
Bu və bu sayaq qaranlıq qənaətlərlə əli hər yandan üzülmüş insanları, ertəsi günün sübh çağı növbəti möhtəşəm xəbər dalğası çalxaladı…
Bütün deyilənlərə, uzaqdan-yaxından alınan irili - xırdalı məlumatlara görə ortaya belə bir ehtimal çıxırdı ki, yaranmış bu çaxalmaz vəziyyətdən qurtulmağın yeganə və ən optimal yolu - bir vaxtlar ölkəyə rəhbərlik etmiş və həmin illər ölkəni hər sahədə, sözün əsil mənasında çiçəkləndirmiş qəzəbli, qüdrətli Millət Atasının ölkəyə gətirilməsi idi. Bu qəfil ehtimal ölkədə baş verən son hadisələrdən sonra hər şeydən xoflanmağa başlamış paytaxt sakinlərini sevindirmək əvəzinə, daha çox qorxutdu… və şəhərin bozarmaqda olan əsəbi sakitliyinə, içi təhlükə və nigaranlıq dolu qəribə bir vahimə sükutu da qatıldı…
Qorxunun əsas və başlıca səbəbi - Atanın idarəçiliyi dövründən yaddaşlara həkk olunmuş təhlükə və qəzəb saçan boz gözləri idi. Camaat danışırdı ki, ölkədən gedəndən sonra uzun illər paytaxtdan bir neçə yüz kilometr uzaqda, anadan olduğu kəndində təvazökar kəndli həyatını sürə-sürə ölkədə baş verən hadisələri elə ordan yetərincə izləyən bu ahıl yaşlı, təcrübəli dövlət məmuru neçə illərdən bəri idi ki, faciələr burulğanında çabalayan «qədirbilən xalqının» düşdüyü vəziyyəti izləyir, o dayanıb dura-dura, dünənin uşaq-muşağını hakimiyyətə gətirib uçuruma yuvarlanan xalqıyla üz-üzə, göz-gözə qalacağı əlamətdar günü səbrsizliklə gözləyirdi.
- Ata belə şeyləri bağışlamır. - hamı bir ağızdan hüznlə deyirdi.
Bəziləri də deyirdilər ki, xalqın burda təqsiri nədi?!.. Millət Atasıyəqin gözəl bilir ki, tarix boyu bütün dövrlərdə və məmləkətlərdə ölkənin və millətin taleyi həll olunan ən həlledici məqamlarda xalq kütlələri ya icraçı, ya da seyrçi rolunu oynayıb.
Deyirdilər, Millət Atasının ölkədə gedən bütün gizli və aşkar hadisələrdən, xüsusən son ilin «möcüzələrindən» bütün incəliklərinəcən xəbəri vardı.
- Bu, onun neçə illik peşə təcrübəsindən irəli gələn vərdişlərindən biridi. Dünyanın istənilən tərəfində baş verən hər hadisədən xəbərdar olmağa o hələ lap gənc yaşlarından - Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi qorxunc sovet dövrlərindən alışıb. - onunla bir vaxtlar işləmiş təqaüdçü hərbçilər deyirdi.
Deyilənə görə, ölkədə sıravi ardıcıllıqla baş verməkdə olan bütün bu «tamaşalara» Miilət Atası günəşli paytaxtdan çox-çox uzaqlarda - başı qarlı dağların ətəyində yerləşən balaca, yaşıl kəndindəki təmirsiz evində - axşam çağları dağ ətəyindən yığılan kəkotu çayından içib asta-asta öz yırğalanan kreslosunda yellənə-yellənə televizorda baxıbmış. Odu ki, deyirdilər, o, nəiynki ölkədə gedən hadisələrin gedişatından, hər bir adamın qarnının içindəkilərdən, qəlbinin «dəruni guşələrində» daşıdığı gizli mövqeyindən belə xəbərdardı. Onunla son vaxtlar görüşənlər danışırdılar ki, əfsanəvi duyum qabiliyyəti, analitik düşüncə çevikliyi, boz gözlərinin ovsunu olduğu kimi qalmış, hələ üstəlik, yaşlandığından, ya nədənsə, bir az da dərinləşib qəlizləşmişdi… Xalqın dəvətini çatdırmaqdan ötrü uzaq kəndə onunla görüşməyə yollananlar, evinə daxil olub üzbəüz oturmağa müvəffəq olanlar, deyilənə görə görüş vaxtı, yenə uzaq illərdə olduğu kimi, harda olduqlarını, kimliyini unutmuş, bütün vücudlarıyla onun boz baxışlarının sehrinə düşmüşdülər…
- Ən qorxulusu da elə budu. - camaat deyirdi - Onun ölkəyə qayıdışı bizlərə elə-belə, havayı başa gəlməyəcək.
Odu ki, uşaqdan böyüyə hamı bir nəfər kimi, son dövrlər atddıqları hər bir addımı, elədiyi bütün hərəkətləri, dedikləri sözləri bircə-bircə yadlarına salır, götür-qoy edib öz-özlərindən xoflanırdılar. Bəziləri isə Millət Atasının, olsun ki, hardansa, hansı deşikdənsə gizlicə onlara qulaq asdığından ehtiyatlanıb, dil boğaza qoymadan, onun bir vaxtlar ölkə üçün gördüyü böyük quruculuq işlərindən - tikdirdiyi nəhəng zavodlardan, konsert və teatr binalırnın gözəlliyindən, saldırdığı körpülərdən danışır, xalqın rifahını yüksəldən bu əvəzsiz xidmətləri gah «Azadlıq» partiyasının ütük komandasının biabırçı əməlləri ilə, gah da onlardan əvvəlki prezidentlərin vecsiz üsul-idarəsiylə müqayisə edir, bundan, az da olsa, müəyyən rahatlıq əldə edirdilər…
- Biz dərisi soyulan millət olduğumuzu öz tarix kitablarımızda oxumuşuq, amma daha bunu öz gözlərimizlə gördük. - camaat deyirdi. - Qoy gəlib bizim dərimizi soysun, «azadlıq» deyən dilimizi kəssin. Ən gözəl günlərimizi, sən demə, o kişinin vaxtında yaşamışıq, amma bunu bilməmişik, qanmamışıq!.. Hər şey bir yana, evimizdə rahat yatıb-durmağın böyük səadət olduğunu anlamamışıq. O qurbanolduğum burda olanda, balam, bilirdik ki, dövlət var, evimizin, canımızın keşiyini çəkən işlək qanunlar var. Bu nə od-alov idi özümüzü saldıq?!.. Gəlsin, yiyə dursun yiyəsiz qalmış millətinə. Allahdan buyurulan sahibliyini eləsin…
- Bunu daha uşaqdan-böyüyə hamı birdəfəlik başa düşdü ki, bu əlindən bir iş gəlməyən, başsız, köməksiz millətin bircə yiyəsi odu. Bu böyük Yer kürəsinin bircə Allahı olduğu kimi, bu məmləkətin də bir Allahı odu. O kişi zülümkardısa da, əmməlləri göz qabağındadı. Evlər, imarətlər ucaltdı, yaşıllıqlar saldırdı, şəhərlərə su çəkdirdi, körpülər tikdirdi, yolları abadlaşdırdı. Bu başıbatmışlar neylədi?.. Tikilənləri söküb xalqı qarət elədi, trolleybus xəttlərinəcən qoparıb qonşu ölkələrin yol alverçilərinə satdılar…
- İlk dəfə ana dilimizi o, dövlət dili elan elədi. - ziyalılar xatırlamağa başladılar.
- Ona qədərki prezidentləri də, ondan sonrakıları da, Allaha şükür, gördük. - camaat Millət Atasının ölkədən gedişindən sonra hakimiyyətə gələnləri xatırlayırdı. - Ağ gül, qırmızı gül, bir də sarı gül…
- Birinci balığa oxşayırdı. Sarı, domba gözləriylə dağ-divarı yalaya-yalaya, ağzını balıq ağzı kimi aramla açıb-bağlaya-bağlaya, elə bil söz yox, bomboş hava qabarcıqları buraxırdı. Onun rəhbərliyi dövründə ölkə, mühərriki qəfildən yolun ortasında sönüb asta-asta harasa, üzü aşağı diyirlənən köhnə maşının vəziyyətinə düşdü. Getdikcə, hamının, hər şeyin gücü azalırdı, səsi, heyi tükənirdi… O dövrlər ölkənin özü də durğun gölə, adamlar isə ağızlarından qabarcıq buraxan ləng balığa oxşamağa başlamışdı…
- O birisininsə nazlı işvələrindən adamın əti tökülürdü. Çənəsinin yumru çuxurundan, bir də fəxr elədiyi ləhcəsiz rus nitqindən savayı, ondan da bir şey görmədik. Deyirlər, balerun hərəkətlərini andıran qadınsayağı ədaları Rusiyada yaşadığı dövrlər balet məktəbində oxuması ilə əlaqədar idi.
- Bu birisi isə ağ dəli idi. Kişi, iraq olsun, elə bil ipləməydi. Gecə-gündüz, dalınca qaçırlar kimi, tələsə-tələsə, göz vurub az qala dombalaq aşa-aşa, qaça-qaça, yarırus, yarıazərbaycan sözlərini, axırlarını yeyə-yeyə havaya tullayır, dediklərindən, deyəsən, özü də baş açmırdı…
- Axırıncısı da ki, millət aşiqi, axır-axıra lap qan elədi. «Millət» deyə-deyə milləti qara günə qoydu.
Deyirdilər, Millət Atasını paytaxta gətirmək üçün, dünəndən bəri dörd nümayəndə heyəti paytaxtdan uzaq şəhərə yollanmışdı. Elçilərin bir hissəsi təyyarə ilə, o birilər maşınla getmişdilər. Adlı-sanlı sənət adamlarından, qocaman akademiklərdən və hərbçilərdən ibarət nümayəndə heyətləri deyilənə görə, heç cür onu paytaxta qaytarmaq üçün yola gətirə bilməmişdilər.
- Bu o demək idi ki… - camaat deyirdi - kişi xalqından üz döndərib.
Telekanallar səhərin gözü açılmamış, ölkədə yaranan ağır böhran vəziyyətinin aradan qaldırılması məqsədiylə Millət Atasının təcili surətdə paytaxta çağırışına dair idarə kollektivlərinin, əmək veteranlarınının bəyənatlarını və müraciətlərini yayımlağa başladılar, radilda görkəmli elm və sənət xadimlərinin həyəcanlı teleqram mətnləri oxunmağa başladı.
Bəzilərinin dediyinə görə Millət Atası paytaxta gəlişini qəsdən gecikdirir ki, mitinqlərdə «birlik!-birlik!» deyib çığıran xalq həmin o birlik qabilyyətinə dərindən qiymət versin, avam cahilliyi üzündən yaratdığı toxuma düyünləri aça bilirsə, özü açsın.
Bəziləri bu fikirdə idilər ki, ölkədən gedəndən sonra uzaq kənddə tənha zahidlik həyatını yaşadığı dövrlər doğma xalqından, bir vaxtlar kömək əlini uzatdığı yaxın-uzaq adamlardan gördüyü münasibət Millət Atasını bu xalqdan ümumiyyətlə iyrəndirib... və onu gözləməyin mənası yoxdu. O birilərsə deyirdilər ki, «Azadlıq» partiyasının qara günə qoyduğu bu balaca, qarmaqarışıq məmləkətə gəlib hər şeyi bir də yenidən qurmaq uzun müddət böyük Sovetlər İttifaqının rəhbər kürsülərində işləmiş və o illər sağlamlığını itirib zəifləmiş Millət Atasının nəyinə gərək idi axı?..
Atanın ölkəyə gəlişi ilə bağlı söz-söhbət getdikcə bölgələrə yayılır, paytaxtın gərginliy artmağa davam edirdi. Televiziyanın xəbərlər bülleteni axşama yaxın müharibə bölgələrində yaranmış ağır vəziyyətin nəzarət altından çıxmasını, son tonları işlənib qurtarmaq üzrə olan taxıl ehtiyatının sabahkı gündən şəhər əhalisini təmin edə bilməyəcəyini, yanacağın çatışmamazlığı üzündən yolların kənarlarına, nəhəng dalğaların sahilə atdığı ölü balıqlar kimi yığılan maşınların dəmiryolu nəqliyyatının dövriyyəsində qəzalar yaratmasını və digər bu kimi xəbərləri hər yarım saatdan bir yayır, siyasi icmalçılar, hüquqşünaslar ölkədə yaranan ağır siyasi-iqtisadi-sosial vəziyyətin təcili surətdə aradan qaldırılması yolları tapılmadığı halda ölkənin ciddi təhlükə qarşısında qalacağını elmi dəlillərlə sübuta yetirir, bütün bu mənzərənin yaradıcısı olan yalançı iqtidarı «cinayətkarlar» adlandırırdılar …
- Son illər ərzində işğal olunmuş torpaqlardan ayaqyalın, başaçıq qaçıb gələn həmyelilərimiz neçə vaxtdan bəri yaşadıqları natəmiz, antigigiyenik çadırlarda qazandıqları yoluxucu xəstəlikləri ölkə əhalisi arasında yaydılar. Ölkəni kütləvi epidemiya təhlükəsi altında qoyan bu vəziyyətləlarla mübarizə aparmağa - qonşu dövlətlərdən, yaxud xarici ölkələrdən dərman ləvazimatları gətizdirməyə isə nə xəstəxanaların, nə də Səhiyyə nazirliyinin imkanı yoxdur. Belə gedərsə, yaxın aylar ərzində ölkə əhalisinin sağlamlıq durumu ciddi təhlükəyə məruz qalacaq…
- …Torpaqların dörddə bir hissəsi düşmən tapdağı altındadı…
- …Təbii ehtiyatlar dəyər-dəyməzinə əcnəbi ölkələrə satılıb…
- Bölgələrdə quldurluq və qarət adi hal alıb… kənd təsərrüfatı bərbad vəziyyətdədir….
- …Ümumölkə aclığı gözlənilir… Şəhər əhalisini təmin edəcək çörək istehsalına cəmi iki günlük un ehtiyatı qalır…
-…Ölkənin cənub bölgələrində əhali ilə hərbçilər arasında silahlı toqquşmalar baş verir… ölənlər və yaralananlar var…
- …Dövlət parçalanmaq təhlükəsi altındadır!.. Uzun illər çiyin-çiyinə yaşamış azsaylı xalqlar arasında düşmən hiyləsiylə qurulmuş milli qarşıdurmalar zəmnində siyasi çaxnaşmalar qeydə alınır…
- İndi, ölkənin bu vəziyyətində əgər Millət Atası Allah eləməmiş, ölkəyə qayıtmaqdan imtina etsə, yaxın bir neçə gün ərzində paytaxta gəlib ölkəni bu ölüm uçurumundan çıxarmağa razılıq verməzsə, ölkənin taleyi necə olacaq?.. Bu binəva xalqa, dəqiqəbədəqiqə qaranlıq, dibsiz dərinliklərə çökməkdə olan məmləkətə kim yiyə duracaq?!.. - camaat udquna-udquna danışırdı…
Yalnız o biri gün, axşama yaxın dövlət televiziyası Millət Atasının, uzun yalvar-yaxardan sonra axır ki, paytaxta qayıtmağa axır ki, razılıq verdiyi barədə xəbərlər yaydı. Xəbərdə deyilə görə Atanın sabah günortadan sonra təyyarə ilə paytaxtın hava limanına düşəcəyi gözlənilirdi.
Bu xəbərdən sonra paytaxt əhli azacıq da olsa, toxtadı, neçə gündən bəri şəhəri tarıma çəkmiş gərginlik də elə bil səngidi... Ya da olsun ki,, camaat özü yoruldu…
* * *
Uzun illərdən sonra vətəninə dönən Atanı qarşılamaqdan ötrü şəhərdən uzaq hava limanına axışan adamların sayı-hesabı yox idi. Atanı layiqincə qarşılamaq üçün şəhərin özündə də ciddi hazırlıq işləri gedirdi. Ölkədə rəhbərlik etdiyi dövrlər çəkdirdiyi foto-portretləri böyüdülüb haşiyələrə salınır, çoxaldılıb şəhərin dörd bir tərəfinə vurulurdu. Atanın iri həcmli, rəngli portretinin çəkilməsi üçün idarə və təşkilatlardan təcili sifarişlər alınır, əldə olan foto-şəkillər ipək parçalara köçürülür, «Var olsun!» «Yaşasın!» şüarları yazılmış plakatlar hazırlanır, yol kənarları, işıq dirəkləri, eyvanlar milli bayraqlar və işıqlarla bəzədilirdi.
Günortaya yaxın deyilənə görə şəhərdən uzaq hava limanında adam dənizi yaranmışdı… Bir yanda - Atanın ayağı altında kəsiləcək qoyun sürüləri, o biri tərəfdə - uçuş xəttinin yaxınlığında əlləri gül-çiçək, transporant və portretlər dolu camaat dayanmışdı…
Transporantlarda yazılmış:«Gəl ey xilaskar!», «Sən gələn yollara qurban olaq!..» - sözlərini oxuyanda, deyirdilər çoxlarının boğazını qəhər tuturdu…
Deyirlər, axşama yaxın hava limanına axışan adamların sayı birdən-birə birə-on artmışdı, aeroportun ikimərtəbəli binası ağzınacan adamla dolmuş, bütün girişlər bağlandığından, çamaatın bir hissəsi şəhərə aparan maşın yolunun ağızan yığışıb dayanmışdı…
Deyirlər, Atanı gətirən təyyarənin limanın üzərində görünməyi ilə, camaatın bağırmağı bir olmuşdu… Təyyarə bir müddət ağır ləngərlər vura-vura limanın üstüylə hərlənmiş, sonra tədricən yerə enmişdi. Deyirlər, hamı göydə qalib uçuşla süzən təyyarəni alqışlamağa başlamış, səsləri gəldikcə «Var ol!» - deyib qışqırmışdı. Təyyarə çarxlarını açar-açmaz isə kütlənin içindən göyə buraxılan əlvan fişənglərin tüstüsü limanı dumana qərq eləmişdisə də, təyyarə dumanı yara-yara eniş zolağına enmişdi...
Həmin gün qarşılanma mərasimində iştirak edənlər danışırdılar ki, Atanı paytaxta gətirən təyyarə yerə enəndən sonra bir müddət də eniş xətti boyu hərlənib axır ki, dayanıbmış… Eniş xəttində yaranan nigaranlıq uzun çəkməmiş, təyyarənin qapıları aralanmış və trapın qənşərində Atanın zəhmli cüssəsinin - yorğunluq və qəzəb saçan boz gözlərinin görünməyi ilə əlvan fişənglərin havadaca sönməyi, camaatın qışqırığının kəsilməyi bir olmuşdu…
Deyilənə görə Ata bir müddət təyyarənin açıq qapısında - arxasndan çevik-çevik ətrafa boylanan mühafizəçilərin qarşısında dayanıb durmuş, qarşılanma zolağında sıxlaşıb əllərindəki gül dəstələrini, transporantları və onun portretlərini havada yellədən camaata, sonra başını qaldırıb göyə zillənibmiş…
- Kişi elə bil şəhərin göyü üçün darıxmışdı.
Deyirlər, Ata bir müddət göylərə zillənib qaldıqca, hava limanına vahiməli sükut çökübmüş…
Camaat and içirdi ki, Atanın həmin o baxışlarından sonra göyün üzünü qəfildən dəyişmiş, paytaxt səmasını neçə gündən bəri bürümüş qalın buludlar əfsanəvi qala darvazasının qapıları kimi öz-özünə aralanıbmış… və həmin dəqiqə göyün dərinliklərindən sızmağa başlayan axşam günəşinin zəif şəfəqləri hava limanına qəribə məhrəm bir ilıqlıq axıdıbmış…
Sonra deyirdilər, Ata tələsmədən, bir növ həvəssiz addımlarla təyyarənin pillələrini enərək, təyyarənin önünə salınmış nəhəng, sumağı xalının üzərinə çıxmış, orda xalqla görüş mərasimi üçün qoyulmuş kürsünün arxasına keçərək, qəzəbli gözlərini bir müddət də ordan camaata zilləyibmiş…
- …Onun o vahiməli baxışlarına davam gətirmək çətin idi… - görüşdən sonra bir neçə gün özünə gələ bilməyən bir qadın danışırdı, - …baxdıqca, elə bil hamımız, ayağımızın altından yer qaça -qaça ona tərəf sürüşürdük. Bizi elə bil yerin özü ona sarı çəkib aparırdı…
Deyirlər, Ata camaata bir müddət beləcə, dinməz-söyləməz baxandan sonra üzünü mikrofona yaxınlaşdıraraq sakit səslə:
- Yaşasın azadlıq!.. - deyibmiş...
Deyirlər, onun bu sözündən çaşıb donuxan camaat matdım-matdım bir-birinin üzünə baxmış, sonra nəfəslərini dərib xof dolu nagümanlıqla:
- Yaşasın... - deyərək, asta səslərlə qışqırışmışdılar...
II FƏSİL
…Şəhərin tanınmış psixiatoru, professor N.Veyisov həmışəki kimi, bu gün də yuxudan dan yeri sökülməmiş, havasızlıqdan qulaqları uğuldaya-uğuldaya ayıldı... bir müddət yerinin içində vurnuxa-vurnuxa, bu gecəki yuxusunu yadına salmağa çalışdı və tam da olmasa, bəzi məqamları xatırladı…
Bu gecə professor yenə yuxunun ən ürəkdağıdan yerindən - özünü zorla yetirdiyi qapılarının ağzından, bir qulağı qaranlıq blokun aşağı mərtəbələrindən eşidilən hənirtiyə kəsildiyi an oyanmışdı. Hər dəfə yuxunun bu məqamına çatanda professor dənizin qaranlıq dibindən təkan alıb suyun üzünə atılan kimi, özünü yuxunun ən çıxılmaz yerindən, havasız döngəsindən çəkib çıxarmağa bir növ adət eləmişdi və bunu, yəni yuxunun istənilən məqamından silkinib çıxmağı son bir neçə ayı necəsə, elə yuxunun içində öyrənmişdi.
Son günlər isə bu «yuxu sıçrayışları» professor üçün o qədər asanlaşmışdı ki, o, yuxunun ən «bağırçatladan» məqamlarında belə özünü itirmir, bədəninə sulu sarmaşıq kimi sarılan soxulcanvari, əcayib canlıları boyun-boğazından tələsmədən, ehmalca qoparır, onları çantasında gəzdirdiyi xüsusi kolbanın içinə yığır, yaxud, gecənin bir aləmi, hansı möcüzəyləsə peyda olduğu kimsəsiz, küləkli səhralarda vahimədən bağrı yarıla-yarıla çığırmaq əvəzinə, sakitcə narın qum təpələrinin birinin üstə oturur, səbrlə buralara necə, hardan, hansı yollarla gəlib çıxdığını müəyyənləşdirməyə çalışır, yaxud da zülmət qaranlığın içiylə evə daxil olub pərdələrin, şkafların arxasıyla qorxunc kölgə kimi sürünən oğrunu yaxalamaq əvəzinə, işığı yandırıb onunla söhbətə girişir, onu, evdə köhnə mebeldən və tozlu kitablarından savayı heç nə olmadığına inandırıb dilxoşluqla qapıdan yola salırdı.
Bəzi hallarda isə - yuxunu istədiyi səmtə yönəldə bilməyəndə və qorxunc yuxu məngənəsi professorun fantaziyasını üstələyib bədəninə soyuq vahimə cərəyanları yeritməyə başlayanda, professor dərhal yuxunu tərk etməyin zərruriliyini anlayır, həmin dəqiqə nəfəsini içinə yığıb, ürəyi havasızlıqdan partlayanacan, ürək döyüntüləri zəifləyib susanacan səbrlə gözləyir, sonra bədəninin min bir həyat eşqli toxumalarıyla, tapançadan açılan güllə kimi yuxudan sıçrayırdı.
Belə yuxulardan sonra ala-bula xırdaçılıqlarından bezib zinhara gəldiyi yeknəsəq həyatı professor üçün təzələnir, hər bir şeyin rəngi, dadı dəyişir, qəribə, sirli mənalar kəsb etməyə başlayırdı... Son vaxtlarsa, professor özünü, artıq günortadın gecə yuxusuna hazırladığını tutur, bu ucsuz-bucaqsız yuxu ərazisindən ötrü darıxdığını, işinin ən qızmar məqamlarında belə, yaxud, evləri ilə üzbəüzdəki yaşıl xiyabanda gəzdiyi yerdə qəfildən qəribsəyib, gecədən-gecəyə dəyişə-dəyişə, təzələnən yuxu həyatına tezcə qovuşmaqdan ötrü səbrsizliklə gecənin düşməyini gözlədiyini hiss edir, hava qarala-qaralmaz, özünü evə çatdırıb şam yeməyini tələm-tələsik başa vurur, iş otağına çəkilib orda saatlarla qədim kitabların arasında eşələnə-eşələnə, yuxular və ruhlarla bağlı qərq olduğu ədəbiyyatları çarpayısının içində, stolüstü lampanın zəif işığında oxumağa başlayır və eləcə oxuya-oxuya da, kıtab sinəsində, eynəyi burnunda, sirli yollarla, yarıqaranlıq, dumanlı cığırlarla, asta-asta yuxuya gedirdi… Lakin gərgin iş günündən sonra maraqdan nəfəsi tutula-tutula, səylə apardığı bu yuxuqabağı hazırlıq işləri hər dəfə professorun gözlədiyi nəticəni vermirdi. Məsələn, bir neçə ay bundan əvvəl yuxuya getməzdən, ötən əsrin axırlarında Rusiyanın uzaq Saxalin dustaqxanasından ətli-canlı dustaqları «azadlıq» fitvasıyla yoldan çıxarıb qarlı Tayqa meşələriylə guya azadlığa buraxan və zavallıları elə yoldaca, Tayqanın qarlı uçqunları arasında diri-dıri yeyib geriyə qayıdan Qubar adlı birisi haqqında oxuyandan və kitabın saralmış səhifələrinin birində, adamyeyən olduğu bilinsin deyə, başının tən yarısı ülgüclə qırxılmış, öküzəbənzər casusun səhifə ölçüsündə vahiməli şəklinə uzun-uzadı baxdıqdan sonra professor yuxuda niyəsə, bir neçə il bundan əvvəl itirdiyi balaca qarısını görmüşdü… Qarısı bütün yuxunu ona baxa-baxa, titrək əlləriylə xırçhaxırçla başını qaşımışdı… sonra seyrək saçlarının arasından tapıb çıxartdığı rəngbərəng bitləri stolun üstünə buraxıb onları, professorun heç vaxt eşitmədiyi dəli bir civiltiylə gülə-gülə bir-bir öldürməyə başlamışdı…
O yuxudan sonra professor bir müddət gecələrlə tənha evinin dəhlizindən, qaranlıq mətbəxdən eşidilən hənirtilərdən vahimələnir, səhərlərin gözünü bu sirli yuxu vaqeəsinin heç bir izaha gəlməyən tilsimi haqqında fikirləşə-fikirləşə açırdı.
Başqa bir yxusunda isə professor hardasa, bomboz fırtınalı dənizin sahilində peyda olmuş, bozluğu göz ağrıdan ağır dalğaların arasıyla sahilə yan alan nəhəng gəmiyə iri yeşiklərdə daşınan adamların iniltililərini öz qulaqlarıyla eşitmişdi... Onda professor bu əcayib «daşınma əməliyyatına» nəzarət edən iri gövdəli, nəhəng məxluqlardan birinə yaxınlaşmağa heç cür ürək eləməməmiş, sahildə baş verənləri, külək pal-paltarını əynindən soyub çıxara-çıxara, sahilin qumu ağız-burnuna dola-dola nəyinsə arxasından müşahidə etməklə kifayətlənmişdi.
Bu yaxınlarda isə…
Hər dəfə professor bu yerə çatanda, ürəyinin pis-pis bulanmağa başladığını hiss edirdi. Son bir neçə ayı gecələrlə iştirakçısı olduğu bu yuxu silisiləsindən qabaq nə oxuduğu yadında qalmasa da, gecədən-gecəyə məntiqi ardıcıllıqla davam edən bu qəribə görüntülərin hər birini professor necəsə, bütün xırdalığıyla xatırlayayırdı...
Hər şey ondan başlamışdı ki, professor yuxularının hansı birindəsə hansısa naməlum səbəbdən, qətiyyən tanımadığı, həyatında belə rastlaşmadığı naməlum bir kəsin təqibinə girişmişdi... Həmin o naməlumun izinə yuxunun hansı məqamı isə düşən professor «ovunu» qan-tərdən boğula-boğula, vahimədən dizləri əsə-əsə, yarıqaranlıq tinlərin və çardaqların arasından sivişib kimsəsiz dalanlara soxula-soxula izləyir, hərifin dişşətini cəlb eləməmkdən ötrü maşınların altında, küçə izdihamının arasında gizlənirdi. İşin qəribəsi o idi ki, yuxunun bir yerində professor, inadla təqib elədiyi bu adamın özünün də, kimisə inadla təqib etdiyindən - onun da, qaranlıq dəhlizlərdən adlayıb meşin qapıların arxasında gizlənə-gizlənə, oğrun-oğrun geriyə qanrıla-qanrıla kimisə güddüyündən duyuq düşmüş, bundan, qorxusunun bir az da artığını hiss eləmişdi…
Professor gərnəşib sol böyrü üstə çöndü və qəfildən, yuxularında təqib elədiyi bu naməlum adamı hansı səbəbdən güddüyünü yuxuda bildiyini və o adamın gözünə məhz həmin o səbəbdən çarpmaqdan dəhşətli dərəcədə qorxduğunu anladı… Sonra yadına, bu gecəki dəhşəti - bütün yuxunu xəbis inadla təqib etdiyi həmin o adamın İstiqlaliyyət küçəsindəki Elmlər Akademıyasının Rəyasət Heyətinin qədim bınasına daxil olarkən, qəfildən ayaq saxlayıb geriyə çönməyini və üzbəüz səkidəki qəzet köşkünün arxasında gizlənmiş onu necəsə gördüyünü xatırladı...
Bu xatırlamadan professor nəfəsinin təngidiyni, bədənini bürüyən soyuq tərdən üşüdüyünü hiss edib adyalı tüstünə çəkdi və yaddaşını gərib yuxunun ardını xatırlamağa çalışdı...
…Professoru görəndən sonra həmin o naməlum adam binaya daxil olmamışdı… binanın girəcəyinə aparan mərmər pillələri enib onun dayandığı səkiyə sarı addımlamağa başlamışdı… İndi, yuxudan həmin o sınanmış tıxac üsuluyla sıçrayıb ayılandan sonra belə, professor yuxudan özü ilə gətirib gəldiyi vahimənin hələ də bədənində dolaşdığını, balışının, çarpayısının üstündən qaranlıq duman kimi asıldığını duyurdu…
Kürəyi üstə uzanıb bozödəkçəli adamın üzünü yadına salmağa çalışdısa da, yaddaşı susdu, vahimənin bilavasitə törədicisi olan o üz cizgilərinin bircəciyini belə yadında saxlaya bilmədiyindən, ürəyi sıxıldı... bir müddət yerinin içində qulaqları uğuldaya-uğuldaya uzanıb qaldı… sonra ayağa qalxıb işığı yandırdısa da, qabırğalarının altıyla soyuq giziltilərlə o yan0bu yana axan qorxu cərəyanlarından qurtula bilmədi… Onda professor, məcbur olub bütün otaqların pəncərələrini taybatay açdı, evin dörd bir tərəfinə çökmüş ölüm sakitliyini, hava işıqlandıqca, küçədən ara-sıra eşidilməyə başlayan tək-tük maşın səsləriylə dağıtmağa çalışdı və elə həmin məqam xatırladı...
Həmin o əlamətdar rastlaşmadan sonra məsələlərin bir ayrı cür qəlizləşdiyini, o gecədən başlayaraq, professorun özünün təqib obyektinə çevrildiyini, təqib edənin, professorun bir gecə əvvəl yuxuda güddüyü həmin bozgödəkçəli olduğunu xatırladı…
Ən qorxulusu bu idi ki, - professor ürəyi çırpına-çırpına fikirləşdi - hər gecə gördüyü bu yuxuların məzmunu qəribə məntiqi ardıcıllıqla inkşaf edir, növbəti yuxu, ondan əvvəlki gecə sivişib çıxdığı yerdən davam edirdi… Son günlər isə yuxuda havanın temperaturunu, ağacların ətrini, becid yerişindən tərləyən bədəninin qoxusunu, ayağının altında əzilən torpağın xışıltısını və sairəni hədsiz dəqiq hiss eləməyə, ən xırda, əhəmiyyətsiz detalları belə, sezməyə başlamışdı... Məsələn, dünənki yuxudan hansı möcüzəyləsə yaddaşına işilib qalmış adda-budda görüntülər - boz gödəkçəlinin sağ yanağındakı çapığın quruluşu, qaranlıq həyətlərinə daxil olarkən, ayağının altında qalıb onu büdrətmiş düyməyəbənzər dəmir qırığı, bloklarına çatar-çatmaz, dördüncü mərtəbədə gedən təmirin qoxusu və sairə bütün gecəni yerinin içində qovrula-qovrula iştirakçısı olduğu bütün o vaqeələrin yuxuda yox, hansısa sirli reallıqda baş verdiyinə şübhə yaradırdı.
…Qonşu mənzildə ağır nə isə yerə dəyib guruldadı və professor son bir neçə gecənin yuxusuzluğundan gicişib acışan gözlərini ova-ova fikirləşdi ki, bu davamlı yuxuları onu hansı sirli qanunauyğunluqlar, nizamlı ardıcıllıqlar üzrə harasa aparır. Amma hara?.. Yuxuların iblisanə məzmunu, hadisələrin bir-birini qəribə, nizamlı ardıcıllıqla əvəzləməsi bir şeydən xəbər verirdi: professor öz yuxularındaca hansısa sirli məkanın əsirinə çevrilir. Bu məkanın reallığı, ilğımvari görüntülərin həqiqiliyi bu ərazinin professorun təsəvvürün çox-çox uzaqlarda, öz sərhədləri və qanunları olan bir müstəvidə baş verdiyindən xəbər verirdi...
Bu gecəki yuxudan isə, professor, demək olar ki, ürəyıni tam dayandırandan sonra, gözləri, yuxudaca qaralıb huşu itəndən sonra ayılmışdı…
Bu gecəki yuxusu, professorun iş otağından başlamışdı. Həmin o boz gödəkçəlini professor, qəbuluna yazılmış xəstələrin müayinəsi vaxtı, kabinetinin dəhlizə açılan qapısının arasından görmüşdü… və onu həmişəki kimi, ucuiti, sumağı ayaqqabılarının xəstə parıltısından və bozluğu canavar kürkünün rəngini andıran gödəkçəsindən tanımışdı… Yuxuda professorun kabinetinin ağır qapısı qəfildən necəsə, öz-özünə aralanmış, qapının arasından, dəhlizdə kiminləsə, elə bil onun barədə astadan danışan boz gödəkçəlinin tanış silueti görünmüşdü… Professor müayinə elədiyi xəstəni unudub ehtiyatla ayağa qalxmış, dəhlizə çıxıb orda nə qədər o baş-bu başa boylanmışdısa da, bozgödəkçəlini tapmamışdı. Boz gödəkçəli ilə professor bir də işdən çıxanda - xəstəxananın səkisindəki tramvay dayanacağında rastlaşmışdısa da, özünü o yerə qoymamış, mədəsini oyan həyəcanını içinə qısıb bir müddət yağış çətirini döyəcləyə-döyəcləyə tramvayı gözləmişdi... Tramvay dayanacağa çatıb dayanandan sonra baş verənlər isə, professorun əvvəlki gecələr gördüyü yuxulardan nə iləsə, olsun ki, hədsiz canlılığı və yaddaşa hopma qabiliyyəti ilə seçilmişdi….
Yuxuları ilə əlaqədar professoru narahat eləyən digər əsaslı səbəb - yuxudan-yuxuya dəyişən sonluqlar - professorun oyanmaq fəndlərini yaxına buraxmayan, yuxudan sıçrama məqamını hansı möcüzəyləsə gecikdirən anlaşılmaz hərəkət və hadisə ləngliyi idi… Əvvəllərdən fərqli olaraq, son yuxularda professorun peşəkar «sıçrayış» ysulları kara gəlmir, yuxunun sonuna yaxın, özünü tövşüyə-tövşüyə çatdırdığı blokuq ağzında əvvəlki yuxulardan daha çox ləngiyir, pillələri qalxmağa heyi, zəngi vürmağa əli çatmır, ayılandan sonra isə yuxuda dayandırdığı ürəyini elə də asanlıqla zorla hərəkətə gətirə bilmirdi...
Bu gecəki yuxuda isə - professor qaranlıq dalanlarla qaçıb özünü tövşüyə-tövşüyə qapılarının ağzına çatdıranda, həyəcandan əl-ayağı əsə-əsə məlum «açaraxtarma» əməliyyatına girişəndə, digər yuxularda aşağı mərtəbələrdən eşdilən hənirtilər professorun, az qala qulağının dibində eşidlmiş, geriyə qanrılmağa macal tapmamış, arxada dayanan kiminsə zindan əli onun vahimədən keyimiş çiyninə qonmuşdu…
Bu o demək idi ki… - professor nəfəsini dərib yuxularla gerçəkliyin bir-birinə qatıb qarışdırdığı fikirlərinə aydınlıq gətirməyə çalışdı, - Hə, bu, yenə o demək idi ki, yuxuları, gecədən-gecəyə hansı qanunauyğunluq üzrəsə dəyişirdi, ha yanasa yön alırdı…
Yorğanı üstündən atıb fikirləşdi ki, səmtini dəqiqləşdirməyə çalışdığı o yön olsun ki, Ölümün özü idi... Belə gecələrin birində o qorxunc kəs axır ki, özünü ona yetirəcəkdi, ağız-burnunu zindan əlləriylə qapayıb, onsuz da xəstə ürəyini əbədilik susduracaqdı.
Bu fikirdən professor, ürək döyüntülərinin sürətləndiyini hiss etdi və fikirləşdi ki, bu amansız ölüm tələsindən qurtarmağın yeganə yolu - bütün iradəsini toplayıb yuxunun ən müvafiq məqamı o adama yaxınlaşmalıdı, ruhi xəstələrə tətbiq etdiyi peşəkar ünsiyyət üsullarını işə salmalı, onu yuxuda təqib etdiyinə görə üzrxahlığını bildirməli, bu şüursuz təqibin, səbəbi onun özünə də məlum olmayan əcayib anlaşılmazlıqdan savayı ayrı bir şey olmadığına inandırmaqdı. Əslinə qalsa, professor bu hərəkəti hələ srağagünkü yuxusunda eləməyi qərara almışdı, lakin, yuxunun məzmunu üzrə aralanan qapının o üzündə, dəhlizin aşağı başında sehrli pıçıltısını işə salmış bozgödəkçəlinin siluetindən yerindəcə donub qalmış, otağından çıxmağa necəsə cürət eləməmişdi. İş gününün sonunda isə həmişəki kimi yollandığı dayanacaqda boz gödəkçəliyə tuş gəlmiş, yuxunun qalan hissəsini onun inadkar təqibinə məruz qalmış, qaranlıq dalanlarla çəkməsinin dabanı sürüşə-sürüşə, ayaqları sıx ağaclıqların arasıyla bir-birinə dolaşıb dəqiqədə bir onu büdrədə-büdrədə qaçıb canını qurtarmaqla məşğul olmuşdu.
…Divar saatı kəfkirini işə salıb yellənməyə başladı və səkkiz hüznlü zəng çaldı.
Saat səkkiz idi. Ayağa qalxıb başmaqlarını geyindi. Nəbzi, getdikcə uzaqlaşan qatarın səsi kimi zəifləyib itmək üzrəydi. Dolabın siyirtməsini çəkib ürək həbbini dilinin altına qoydu, yorğanı çiyninə salıb ayaqlarına ardınca sürüyə-sürüyə eyvana çıxdı.
Günəş çıxmışdısa da, göyün üzünü bağlamış buludların sıxlığından, ha tərəfdə olduğu bilinmirdi. Həyətə süd gətirmişdilər. Qonşulardan bir neçəsi əllərində süd şüşələri maşının yanında yığışıb növbə ilə süd alırdılar…
Sübhün şeh qoxulu havasını ciyərlərinə çəkib məhəccərə dirsəkləndi. Fikirləşdi ki, o qaranlıq yuxu labirintlərinin düyününə onu özü salıb. Həmin o inadkar yuxu tədqiqatlarıyla…
Alnını eyvanın şüşəsinə söykəyib içəri - yataq otağının bir küncündə saralan tənha çarpayısına, rəflərdə üst-üstə qalanmış tozlu kitablara, yazı masasının üstə gecədən yanıq qalmış stolüstü lampasına baxdı...
* * *
Klinikanın hay-küylü dəhlizlərinin həmişəki kimi, elə bil şəhərin yuxulu küçələrinə aidiyyatı yox idi. Kimlərləsə rastlaşmağın, saxta təbəssümlə salamlaşmağın üzüntülərindən xilas olmaqdan ötrü professor döşəməsi ağ neftlə yağlanmış yarıqaranlıq dəhlizlərdən tələm-tələsik ötüşüb özünü qurtaracaqdakı kabinetinə saldı. Qapını arxasınca bağlayıb bir müddət nəfəsini nizama sala-sala, dəhlizə diqqət kəsildi.
Dəzlizdə, xüsusən, onun kabinetinin yaxınlıqlarında əminaman sakitlik idi…
Paltosunu soyunub səliqə ilə asılqana keçirdi, şkafdan çıxardığı ağ, nişastalı xalatını əyninə geyinəndə yenə üç il bundan əvvəl itirdiyi qarısının mehriban üzünü xatırladı...
Qarısının vəfatından sonra professor xalatını klinikanın xadimələrinə yudurdurdusa da, hər səhər bu xalat professora əziz qarısını xatırdlatmaqdan yorulmurdu.
Bu məqam otağın qapısı ehtiyatla açıldı və aralıqdan qeydiyyat şöbəsinin ağ papaqlı tabelçisinin başı göründü:
- Sabahınız xeyir, professor.
- Sabahın xeyir. - professor qızın salamını ona sarı gözünün ucuyla belə baxmadan, stolunun arxasına keçib üstündəki kağız-kuğazı sahmana sala-sala, həvəssiz halda aldı.
- Sizə kimsə zəng vurmuşdu, professor. Adını dedi, yaxşı eşitmədim. Soruşdu bu gün qəbul saatınız neçədədi, mən də dedim.
- Yaxşı elədin. - professor dedi və qızı yola salmaqdan ötrü eynəyini gözünə taxıb stolun bir tərəfinə yığılmış xəstəlik vərəqələrini bir-bir gözdən keçirməyə başladı. Son vaxtlar ətrafındakı insanların dəli həyatsevərliyi, becid yerişləri, gümrah səsləri professorun onsuz da zəif əsəblərıni laxladırdı.
Tabelçi bir müddət kandarın ağzından asıla-asıla professora baxıb qapını örtdü, bir qədər keçmiş dəhlizdən qızın isterik gülüşü eşidildi və professor srağagün kabinetinin qapısını içəridən açarlayıb gün ərzinjə içəri bir kəsi buraxmayan, daxili telefonun zənglərinə, qapı döyülməsinə cavab verməyən, iş gününün axırında isə içəridən ağarmış bəniziylə çıxıb heç nə olmayıbmış kimi, evinə yollanan baş həkim düşdü…
Klinika yavaş-yavaş öz xəstələrinə oxşamağa başlayırdı... - professor fikirləşdi və əlinin altına keçən sarımtıl üzlü xəstəlik vərəqəsini oxumağa hazırlaşırdı ki, qapı yenə xırda-xırda və içəri, nurani, eynəkli üzü, səliqəylə geriyə daranmış hamar, çal saçlarıyla çar dövrünün həkimlərini xatırladan ortaboylu, arıq bir qoca daxil oldu. O xırda addımlarla irəli yeriyib professorun yazı masasının yaxınlığında dayandı.
- Siz qəbula yazılmısınız? - professor deyib eynəyini alnına qaldırdı.
Qoca professorun sualına cavab vermək əvəzinə, əlindəki içi dolu çantanı döşəməyə qoyub müyayinə kreslosuna əyləşdi, xırda, mavi gözlərini professorün üzünə dikib qəribə, tanış səslə:
- Tanış olaq, akademik Siracov. Camal Siracov. - dedi.
«Qonağın» üzü professora tanış gəldisə də, onu harada gördüyünü o, heç cür yadına sala bilmədi.
- Mən bura, sizin yanınıza xəstə kimi gəlməmişəm. - qoca deyib pərt-pərt udqundu. - Sizinlə həmkar kimi görüşüb tanışmağa ehtiyacım vardı, odu ki, gəldim.
Professor qocanın səliqə ilə kəsilmiş ağappaq dırnaqlarına baxıb:
- Yaxşı elədiniz. Buyurun, dinləyirəm.
- Mən də sizin kimi elm adamıyam, amma sizin kimi praktik yox, daha çox nəzirəyyəçiyəm. - akademik deyib susdu, günah və iztirab kölgələri dolaşan üzündən, nədənsə həyəcanlandığı bilinirdi.
Akademik danışdıqca, professor vaxtı fotə verməmək məqsədilə masanın kənarında üst-üstə yığılan müayinə vərəqələrini stolun üstünə yaydı, onların arasında akademikin familiyasını axtardısa da, tapmadı.
Müayinə vərəqi akademikin özündə idi. Akademik onu çantasından çıxarıb masanın üstünə qoydu:
- Dedilər, vərəqəsiz qəbul etmirsiz, mən də hər ehtimala qarşı aldım.
Professor vərəqəni qabağına çəkib oxudu:
«Siracov C.N. - 1918 - ci il. Təqribi diaqnoz: maniakal depressiv psixoz.
simptomlar: təqib və təhlükə hissi, skleroz».
- Professor, - akademik altındakı stulu irəli çəkmək istədisə də, çəkə bilmədi, olsun ki, pianoçu əllrini andıran balaca əllərinin buna gücü çatmadı, - sizdən bir xahişim var, mənə xəstə kimi yanaşmayın. Mən sızin yanınıza müalicə üçün gəlməmişəm.
Akademikin bu sözlərindən professorun ürəyi sıxıldı.
- Məni düzgün başa düşün, biz hər ikimiz elm adamıyıq. - akademik elə danışırdı, elə bil harasa tələsirdi. - Siz insanların ruhi durumuyla məşğulsuz, mənsə, qavrayışıyla. Peşələrimiz hardasa qohumdu.
- Narahat olmayın, danışın, mən sizi dinləyirəm. - professor deyib eynəyini geriyə - burnunun üstünə qaytardı.
Qoca akademik bu sözdən elə bil azca toxtadı, əlini daraq əvəzi saçlarına keçirib geriyə hamarlada, sonra lap astadan:
- Mən qəribə bir tələyə düşmüşəm. - dedi.
- Nə mənada?.. - professor deyib mexaniki cəldliklə yenidən akademikin müayinə vərəqinə zilləndi.
- Mən qorxulu yuxular görürəm, professor. - akademik dedi və bu dəfə professorun gözünün içinə elə baxdı, elə bil bu dəqiqə, indilərdə nə isə baş verəcəkdi.
- Qorxulu yuxular görmək bizim peşəmizdi, əziz Camal müəllim, bundan narahat olmağa dəyməz.
- Yox, elə deyil. - akademik dedi və bu sözdən sonra elə bil yumaq kimi büzüşdü. - Mən vahiməli yuxular görürəm. Yuxudan qan-tər içində, bəzən ürəyim az qala dayana-dayana ayılıram. Bəzən elə olur ki, ayıla bilmırəm. Ordan özümü, ürəyim partlaya-partlaya, boğula-boğula sürüyüb çıxarıram. Sonra nə qədər dava-dərman içirəmsə də, xeyri olmur. Ötən ay həmin bu yuxuların birində bağırmaqdan infarkt keçirmişəm…
Akademik danışdıqca, professor fikirləşirdi ki, sən demə, tək bir o bu vəziyyətdə deyil. Demək alim qocalığının axırı budu. İsterik psixoz. Belə bir durum onu da gözləyir. Bəlkə də artıq «arzusuna» çatıb. Hansı dəli öz dəliliyini boynuna alır ki?!.. Axır günlər bütün klinika kimi, o da öz yuxularıyla yavaş-yavaş xəstələrinə oxşamağa başlayır...
…Akademik həyəcanlı idi... danışdıqca, həyəcanı vahiməyə, ölümqabağı vurnuxmanı andıran qəribə çabalamaya keçirdi...
- Arvadım demək olar, hər gecə evə təcili yardım çağırır. Onlar da ürəyimi yoxlayandan sonra üzümə elə baxırlar, elə bil axırıncı dəfə görürlər məni. - akademik bunu deyib susdu, məlul baxışlarını professorun üzündə gəzdirib yarpaq kimi titrədi. - Mən qorxuram, professor.
Professor akademikin uşaq üzünü andıran balaca üzünə, quş caynağını xatırladan xırdaca əllərinə baxıb:
- Sakit olun, əzizim. - dedi - Burda ki, Allaha şükür, qorxmursuz?!.. Qorxu hissi gərgin beyin fəaliyyətinin, əsəb pozğunluğunun, yaxud uzun müddətli depressiyaların yaratdığı normal bir haldır, özünüzü qorxutmayın. Bir qədər əsəbsakitləşdirici trankfelezatorlar kursu keçsəniz, hər şey öz qaydasına düşəcək.
- Bu, xəstəlik deyil, professor. - akademik deyib çantasını niyəsə döşəmədən qaldırıb dizlərinin üstünə qoydu və niyəsə, lap astadan:
- Məni güdürlər, professor. - dedi.
Akademikin bu sözündən, professorun ürəyi düşdüsə də, özünü o yerə qoymadı:
- Güdürlər?..
Akademik professorun sualını bu dəfə başıyla təsdiqlədi.
- Deyə bilərsiniz, o yuxuları nə vaxtdan görməyə başlamısınız?..
- Nə vaxtdan? - akademik yuxudan ayılan kimi, özünü dikəltdi, bir qədər fikrə getdikdən sonra, - Üç, ya dörd ay olar.
Professor ürəyininin, artıq akademikin hər sözünə titrədiyini hiss edib özünü ələ aldı.
- Danışın, nə görürsüz yuxuda, nədən qorxursunuz... Sizi güdən… - bu yerdə professor içindən ötüşən cərəyanları hiss edib sözünə ara verdi. - Onu tanıyırsız?..
Akademik bayaqdannan bu sualı gözləyirmiş kimi, bütün bədəniylə professora sarı əyildi, sanki kiminsə onu eşidəcəyindən ehtiyat edə-edə, astadan:
- Onun üzünü görmək heç vaxt müyəssər olmur. - deyə pıçıldadı.
- Deməli, onu tanımırsız. - professor vaxt udmaq üçün dedi, özü isə akademikin dedikləri ilə öz yuxuları arasındakı qorxunc paralellərin arasında azıb qaldı. - Kimdənsə şübhələnirsiz?.. Məsələn, ola bilər, həyatınızda, lap elə cavanlıqda kıminsə ürəyini sındırmısız, ya kiməsə borclu qalmısız…
Akademik nə isə demək istədi, amma demədi, susub bulanıq gözlərini professorun üzünə zillədi.
- Deyirəm, yəni belə şeylər ola bilərmi, ümumiyyətlə?.. - professor bir-birinin ardınca beyninə dolan təhlükəli fikirləri başından qovub səs tembrini yumşaltdı, karandaşı əlinə alıb heç nə olmayıbmış kimi, akademikin müayinə vərəqəsində yazılmış «maniakal depressiv» sözlərinin altından xətt çəkdi.
- Xeyir, olmayıb, ola da bilməz. - akademik dedi və elə bil professorun bu sualından tutulan kimi oldu.
- Mən istəyərdim ki, yuxularınızı danışasınız. Heç olmasa, bircəciyini.
Akademik çiyinlərini çəkib fikrə getdi, sonra elə fikirli-fikirli, qəribə bir hüznlə:
- Onların hamısı əslində, bir şeydi... - dedi və elə bil dedıyindən özü də xoflandı.
Akademikin bu sözündən sonra professorun qanı əməlli başlı qaraldı, stolun siyirtməsindən çıxardığı qəlyanı doldurub dişlərinin arasına basdı:
- Danışın, tələsməyin. - deyib alışqanı yandırdı.
Akademikin vahiməsi bircə anın içində sanki bəbəklərinə yığıldı, üzündə qaramtıl kölgələr dolaşdı:
- Mən onu həmişə tramvay dayanacağında görürəm. Dayanacaqda adamların arasında dayanıb guya kiminləsə danışır, amma əslində, bilirəm, fikri məndədi. Görürəm axı, necə arada bir yana qanrılıb gözucu mənə baxır…
Professorun, akademikin bu təsvirindən ürəyi qırıldısa da, ürək döyüntüləri qəribə bir tələskənliklə sürətləndisə də, bunu biruzə vermədi, qəlyanın tüstüsündən acışan boğazını arıtlaya-arıtlaya, boğula-boğula öskürdü...
Professorun öskürəyi akademikin fikirlərini yayındırmadı… o, danışdıqlarını, zilləndiyi məchulluqda görn tək, aramla danışır, arada bir fikri qırılır, cümlələrin arasında büdrəyib susurdu. Akademik həm də elə bil üşüyürdü. Danışdıqca, balaca əllərini gah qoltuğuna, gah da sümüklü dizlərinin arasına basıb qızdırmalı adamın üşütməsiylə titrədirdi.
- …O həmişə eyni yerdə dayanır, həmişə də guya kiminləsə danışır… sonra tramvay gəlir… mən tramvaya minirəm… O da minir, özü də ayaq üstə dayanır, həmişə də hardasa, lap arxalarda dayanır… bütün yolu da həmin o arxalardan mənə zillənir…
Professor hiss elədi ki, akademikin dediklərindən gözləri qaralır… bir qədər sonra nə baş verdisə, akademikin dedikləri eşidilməz oldu… və professor bədəninin, bir neçə il bundan əvvəl ağır cərrahi əməliyyatından əvvəlki tək, ölüm qorxusunun soyuğundan soyuduğunu hiss etdi... qəlyanının sönük külünü ehtiyatla külqabıya boşaltdı və hiss elədi ki, əlləri titrəyir.
- …axır mən düşürəm, o da düşür. - akademik danışdıqca haldan hala düşür, dil-dodağı quruyurdu. - Küçələrin qaranlığı ilə məni kölgə kimi qarabaqara izləyir… mən onu evin yan-yörəsində azdırmağa çalışıram ki, mənzilimin yerini bilməsin… özümü gah ağaclığın sıx yerinə salıram, gah dalanlarda gizlənirəm... o isə bilir… o hər şeyi bilir…
Akademik professorun bu gecəki yuxusunu danışırdı… boz gödəkçəlinin təqibindən qurtulub özünü kimsəsiz bloka salmağını, pillələri ürəyi partlaya-partlaya iki-iki qalxıb qapının ağzında əl-ayağı əsə-əsə qapının açarlarını axtarmağını xatırladı…
- Bu gecə isə, - akademiki bu yerdə öskürək tutdu. - o lap yaxındaydı, qapımızın ağzına çatıb arxamda dayanmışdı, səsini çıxartmırdı ki, arxamda dayandığını hiss eləməyim… Mən zəngin düyməsini basıram… eşidirəm, zəng çalınır… içəridən arvadımın hənirtisini eşidirəm… qapı isə heç cür açılmır ki, açılmır... Axırda əlacsız qalıb qapını var gücümlə döyürəm, qışqırıb arvadımı köməyə çağırıram… arvadım qapıya yaxınlaşır, qapının o üzündən - içəridən nə isə deyir, mən anlamıram… - bu yerdə akademik susdu, boğazına dolan qəhər danışmağa imkan vermədi. Sonra haçandan-haçana, - Mən ağlayıram… «havam çatmır…» - deyirəm, arvadımsa, «gözlə» deyir, «indi açıram» deyir və qapını açmır…
…Professor hiss elədi ki, o da ağlamaq istəyir... Boğazını sıxan qəhəri udub özünü ələ almağa çalışdı.
- Mənə kömək edin, professor… - akademik qəfildən yuxudan ayılan kimi, professorun əllərindən yapışdı. - Bu, bütün bu danışdıqlarım heç bir yorğunluğun, gərginliyin nəticəsi deyil, inanın mənə. Bu, mənim öz yuxumdaca düşdüyüm qorxunc bir tələdi. Məni o tələdən bircə siz qurtara bilərsiz. Yalnız siz…
- Siz nəyi deyirsiz, anlamıram. - professor da elə bil yuxudan ayıldı, özünü kreslonun söykənəcəyinə atıb akademikə baxdı.
- Mənə deyiblər, siz insanın şüarltı yaddaşına yol tapan yeganə mütəxəssissiniz.
- Şüuraltının bura nə dəxli var?.. - professor dedisə də, yuxunun birbaş şüuraltı yaddaşla idarə olunduğunu xatırlayıb. - Yəni demək istəyirsiz ki…
- Bəli, onu demək istəyirəm. Hər şey sizin əlinizdədir.
- Bir dəqiqə-bir dəqiqə. - professor akademikin sözünü yarımçıq kəsdi. - Sizə, olsun ki, səhv məlumat veriblər. Mən, heç bir şüuraltıyla məşğul olmuram. - professor dedi və nədənsə özünü bu balaca, çalsaç adamın qarşısında günahkar hiss etdi.
- Siz mənə inanmırsız. - akademik sakitcə dedi və yenə qırıq-qırıq öskürdü, sonra peşman halda professorun üzünə zilləndi, xırda gözlərinin dərinliyində köməksiz çıxılmazlıq həyəcanını andıran qorxunc kölgələr oynadı. - Mənimsə, sizdən savayı üz tutmağa adamım yoxdu.
- Əvvəla, mən demədim ki, sizə kömək eləmək istəmırəm. - professor deyib əllərini xalatının cibinə saldı və fikirləşdi ki, akademik, olsun ki, dediyi həmin o ürək çatışmazlığından öskürür. - Sadəcə, istəyirəm biləsiniz ki, şüuraltıya daxil olmaq və orda hansısa əməliyyatı aparmaq mümkün olan iş deyil. Mənim köməyim bir bu ola bilər ki, sizə, müyyən seanslar təyin edim, şüuraltı yaddaşı dondurmaq üçün.
- Nə istəyirsiz eləyin, - akademik təslim olan tək, başını aşağı salıb susdu, sonra lap astadan, elə bil öz-özünə - təki məni xilas edin. - dedi.
- Siz demək istəyirsiz ki…
- Hə, hə, mən demək istəyirəm ki, elə edin ki, mən daha o darısqal yuxulara düşməyim. Yalvarıram sizə. - akademik deyib professorun gözlərinin içinə elə baxdı, elə bil bu dəqiqə oturduğu kreslonun altı açılacaqdı və akademik kreslo qarışıq sonu, dibi görünməyən qaranlıq, qorxunc uçuruma yuvarlanacaqdı. - Onar məni yuxuda aparacaqlar, professor. - dedi və elə bil oturduğu yerdə qəribə bir çəkisizliklə yelləndi.
- Kim - onlar?..
- Sizə bir sirr açım, professor. - akademik deyəsən, professorun sualını eşitmədi. - Bu yuxular, əslində yuxu deyil.
- Yuxu deyil?.. - professor akademikin gözünün içinə baxdı.
Akademik dəliyə oxşayırdı…
* * *
- Bütün bu danışdıqlarım, bilmək istəyirsinizsə, əslində, yuxu deyil. - akademik deyib sirli eyhamla başını yellədi. - Bunu mən son yuxularımında anlamışam. Bütün bu danışdıqlarımıı mən əlbəttə ki, yatandan sonra görürəm. Amma, bunlar, yuxu deyil. Bu… - akademik bu yerdə susub professora zilləndi, sonra gözlərinin dərinliyində xəstə parıltılar oynaya-oynaya - …ora aparan yolun başlanğıcıdı.
- Hara, ora?..
- O biri dünyaya. - akademik şəhadət barmağını haranısa arxaya tuşladı. - Mən ölümdən qorxmuram, professor. Mən… - akademik yenə pıçıltıya keçdi, - bu qorxunc səyahətin yollarında itib-batmaqdan qorxuram. Yuxuda Ölüm ərazisinə keçməyin vaxtı da, məsafəsi də hüdudsuzdu, professor... Mən həmin o sirli, sosuz hüdudsuzluqda əbədi qalmaqdan qorxuram... başa düşürsüz?..
- Başa düşürəm. - professor dedi və anladı ki, heç nə başa düşmür.
Akademikin yuxuları onun yuxularına qarışıb anlaşılmaz və vahiməli olan hansısa sirli aləmin mövcudluğundan xəbər verirdisə də, bu mövcudluğun hansı şəkildə, ha tərəfdə olduğunu təsəvvürə gətirmək, professora mümkünsüz gəlirdi.
- Mən başa düşürəm, bu, axırdı. Bu yuxular mənim sonumdu. - akademik təslim səslə dedi. - Amma, qorxulu olan, bu deyil. Qorxulu olan - bu ərazidə azıb qalmaqdı… - akademik bunu deyib susdu, elə bil danışmaqdan yoruldu, gözlərinin işığı da elə bil söndü, heysiz səslə - Bu yuxular Cəhənnəmin özüdü. - dedi və sönük gözlərlə professora elə baxdı, elə bil onunla vidalaşdı.
Professorun qəlyanı stolun üstündə, dəyirmi, büllur külqabının kənarında tüstüləyirdi...
- Neçə illərdi bir mövzu üzərində işləyirdim. - akademik, qəlyanın tüstüsünə baxa-baxa danışırdı. - İndi anlayıram ki, məni həmin o əsərə görə ilişdirdilər. Özü də gör bir harda... Ötən ay əlyazmanı yandırmaq istədim, əlim gəlmədi. - akademik yenə məlul baxışlarla professora zillədi. - Orda bu dünyanı o dünyadan ayıran əraziylə bağlı müəyyən qadağa mətləblərə toxunulur…
- Qadağa mətləblər?.. Siz nəyi deyirsiz?..
Qapı astaca döyüldü və açıldı və yenə aralıqdan tabelçi-qızın ağ papaqlı başı göründü:
- Professor, burda xəstələr maraqlanırlar, bu gün qəbul olacaq, ya yox?..
Professor bir müddət qızın üzünə baxıb, elə bil nə dediyini anlamadı.
***
Akademik deyəsən, sözünü bitirmişdi… əldən düşüb təslim süstlüklə kreslosunun söykənəcəyinə dayaqlanaraq, fikrə getmişdi.
Professor üz-gözünü iki əli ilə ovuşdurub fikirlərini sahmanlamağa çalışdı.
Onun da bağrını yarmağa, akademik deyən tək, cəhənnəmi andıran o yarıqarnlıq ərazilərdə axırına çıxmağa köklənmiş yuxuları akademikin yuxularına qarışıb təsəvvüründə müdhiş bir mənzərə canlandırdı…
Hələ ki, aydın olan bir bu idi: akademik xəstə deyildi. Amma o, həm də dəliyə oxşayırdı…
Professor bayaqdan bəri akademiki dinlədikcə, yuxulara və şüuarltı yaddaşa dair oxuduğu ədəbiyyatları, nəzərində saxdığı bir neçə yazını yadına saldıqca, iki adamın eyni bir vaxtda eyni yuxu məkanına düşməsi barədə hansısa məlumatı, ya heç olmasa fikri xatırlamağa çalışmışdısa da, yadına heç nə düşməmişdi.
- O adamı təsvir edə bilərsiz?.. - professor deyib ayağa qalxdı, pəncərənin qabağına keçib pərdəni araladı.
- Siz nə dediniz?.. - akademik elə bil yuxudan ayıldı.
- O adamın… sizi təqib edəni deyirəm, görünüşü barədə nə isə deyə bilərsiz?
- O çox qorxuncdu. - akademik fikirləşmədən dedi. - Üzünü dəqiq yadıma sala bilmirəm… daha doğrusu mənə o üzü görmək heç vaxt müyəssər olmur. Yadımda qalan - bircə onun gödəkçəsidi. Bozumtula çalan, dama-dama gödəkçəsi…
Professor daha heç nə deyə bilmədi… üzünü, akademikdən gizləməkdən ötrü kənara çevirib alnını pəncərənin şüşəsinə dirədi.
- Yalvarıram sizə, professor, məndən heç nə gizlətməyin. - akademik gəlib arxasında dayanmışdı, həyəcandan təngiyən nəfəsini nizamlamağa çalışırdı.
Professorun anladığı bircə bu idi ki, o bu dəqiqə akademikə heç nə deyə bilməzdi. Ən azı ona görə ki, burda, işin bu saatında müayinəsinə gələn pasientlə tərəf müqabili kimi danışmağa ixtiyarı yox idi. Hər şey bir yana qalsın, bu, onun ömrü boyu hər şeydən üstün tutduğu həkimlik ləyaqətinə yaraşmazdı.
Çönüb akademikin çölün işığında açıq maviyə çalan gözlərinə, üzünün solğun qırışlarına baxdı…
Hə, o, akademikə heç nə deyə bilməzdi. Akademikin səhhəti onsuz da ürəkaçan halda deyildi. Odu ki, akademikin çəlimsiz çiyinlərini qucaqlayıb mümkün qədər mülayim:
- Gəlin əyləşək. - dedi və gətirib bayaqkı yerinə oturtdu, yazı masasının arxasına keçib qollarını qoltuğuna vurdu.
İndi o, akademiki öz peşəkar üsulları ilə ovundurub yola salacaqdı, özü isə burda - dörd bir yanı ruhi xəstələr dolu xəstəxanada, yarıqaranlıq yuxularının əsirliyində qalacaqdı…
Fikirləri yenə bir-birinə qarışdı. Aydın olan bir bu idi ki, o heç kimə dəyib-dolaşmadan, öz yoluyla gedib-gəldiyi yerdə, öz evindəcə, yorğan-döşəyindəcə sirli, çıxılmaz yuxu quyusuna düşmüşdü və həmin o quyuda ondan savayı bir adam da vardı. O da həmin bu mavi gözlü, kövrək akademik idi…
Boğazının quruluğunu yumşaltmaq üçün stolun üstündəki qrafindəki sudan stəkana süzüb, akademikə təklif etmədən, iri qurtumlarla başına çəkdi.
Baş həkimin selektorunun yanğın maşınının siqnalına oxşar zəngi çalındı, sonra opera müğənnilərinin səsini andıran bas səsi eşidildi:
- Kolleqa?!.. Camaatı niyə qəbul eləmirsən?.. Bu da təzə çıxdı?.. - baş həkimin səsi elə idi, elə bil onunla uzanan yerdə danışırdı.
- Xəstəm var. Vəziyyəti ağırdı.
- Lap elə ağırdı?..
- Ağırdı-ağırdı. - professor tələm-tələsik dedi.
- Nə deyirəm. Deyirsənsə, demək ağırdı. Boşalanda xəbər elə.
Dəstəyi yerinə qoyub akademikə baxdı:
- İndi mənə qulaq asın, görün nə deyirəm. Sizə bir qədər dincəlmək, bir sıra yüngül trankfilizatorlar qəbul eləmək lazımdı. Bir də pis olmaz ki…
- Professor, - akdemik qəfildən professorun sözünü kəsib yuxulu gözlərini onun üzünə zillədi, - demək, siz mənə inanmırsız.. - dedi və cavab gözləmədən ayağa qalxdı, boğazını yenə qəhər tutdu. Yoxsa, bu, professora elə gəldi?..
Akademik çantasını əlinə alıb xırda addımlarla qapıya sarı yeridi, orda ayaq saxlayıb geriyə çöndü qorxu və iztirab dolaşan üzüylə professora baxdı, sonra dinib-danışmadan, ehmal addımlarla otaqdan çıxdı.
Akademikdən sonra professor bir müddət yazı masasının arxasında tarazlığını itirmiş kimi, yöndəmsiz vəziyyətdə qaldı. Başını əlləri arasına alıb beynində bir-birinə qarışan fikirlərini sahmanlamağa çalışdısa da, akademikin uşaq üzünü andıran nurani siması bunu eləməyə imkan vermədi.
***
…Professor xəstəxanadan çıxanda, yağış yağırdı... Tramvay dayanacağı həmişəki kimi, adamla dolu idi deyə, professor bir kənarda - qəzet köşkünün yanında dayanmışdı.
Çox keçmədi ki, necəsə, gözünün, yoxsa, üzünün ha tərəfiyləsə bir qədər aralıda - adamların sıx yerində qaralan gödəkçənin tanış ala-bulalığından ürək döyüntülərinin tezləşdiyini hiss elədi… Yox, bu dəfə nəyin bahasına olursa-olsun, özünü ələ almalıdı, həyasız təqibləriylə günün qaraldan bu adama yaxınlaşmalı, adamların sıxlığından istifadə edib yaxasından yapışmalı, silkələyə-silkələyə, ondan nə istədiyini, bu aramsız təqiblərinin səbəbini soruşmalıdı.
Professorun dayandığı yerdən bozgödəkçəlinin üzünün bir hissəsi görünürdü... O kiminləsə lap astadan danışır, arada bir ötəri nəzərlərlə yolun o biri üzünə boylana-boylana olsun ki, tramvayın gəlişini gözləyirdi.
…Bədəninə yeriyən titrəməni gizləməkdən ötrü paltosunun boyunluğunu qaldırdı, gölməçələrin üstündən adlayıb boz gödəkçəliyə yaxınlaşdısa da, qəfildən tramvayla gedəcəyi yolun marşrutunu - bir neçə dayanacaqdan sonra düşəcəyi küçənin qaranlığını, həyətlərinə aparan yolun kənarlarıyla sivişəcəyi dalanları, nəfəsi kəsilə-kəsilə divarlarına qısılacağı darısqad döngələri xatırlayıb duruxdu.
Sonu ölüm təhlükəsiylə bitəcək bu qorxulu tamaşaya son qoymağın vaxtı çatmışdı... İndi o nəyin bahasına olursa-olsun, toparlanmalı, bütün vücuduyla təhlükə saçan bu şiv qamətli adama yaxınlaşmalı, onu, yaxasından tutub siləkələyə-silkələyə, yaxud, dönə-dönə üzr istəyib üzbəüz dayana-dayana, nəzakətlə bu anlaşılmaz «gizlənpaç oyununa» bir aydınlıq gətirməlidi…
Bu fikirlərlə bozgidəkçəliyə sarı addımlamağa hazırlaşırdı ki, qəfildən bayaqdan bəri adamların sıx yerində dayanıb tramvay gözləyən cavan gəlin əlindən çıxıb yola qaçmaq istəyən qız uşağının ağzının üstündən şillə vurdu… uşaq sillənin təsirindən səndələyib yerə oturdu, ayaqlarını yerə döyüb üst-başının palçığını üz-gözünə yaxa-yaxa, əti kəsilmiş kimi çığırıb ağlamağa başladı…
Bu çığırtıdan, ya nədənsə, professor içində qəribə bir rahatlığın yarandığını hiss etdi, özünü toplayıb bozgödəkçəliyə sarı bir neçə addım da atdı və fikirləşdi ki, indi onu necə çağırmalıdı, adını ki, bilmirdi?!.. Nə deməliydi, «ay oğlan», yoxsa, «vətəndaş», ya «a bala»?!.. Müraciətlərin heç biri düz gəlmirdi. Biri köntöy səslənirdi, o biri rəsmi, bu biri… Yaxşısı budu, - professor boz gödəkçəliyə çatıb ayaq saxladı, - ehmalca onun kürəyinə toxunsun. Onda oğlan geriyə qanrılıb ona baxacaqdı. Sonra professor bunu təsəvvürünə də gətirdi… necə bozgödəkçəli aramla geriyə çönür, necə canavar gözlərinə bənzər qaramtıl bəbəklərini üzünə zilləyir… necə bədəni üzünə yaxından tuşlanan qorxunc üzün vahiməsindən uçunur, qabırğalarının altıyla soyuq cərəyanlar ötüşməyə başlayır…
Bozgödəkçəli arxası professora dayanıb hələ də yanındakı kiminləsə danışırdı...
Tinin başından tramvayın zəngi eşidildi və professor tini burulub dayanacağa yaxınlaşan tramvayın qırmızılığından nəfəsinin təngidiyini hiss elədi…
Tramvay dayanacağa yaxınlaşıb qapılarını açdı və professor bozgödəkçəlinin yanındakı arıq, donqar adamla danışa-danışa tramvayın arxa qapısından içəri daxil olduğunu, salondakı adamlara qarışıb gözdən itdiyini müşahidə elədi.
Yox, o bu dəfə tramvaya minməyəcəkdi, yerində dayanıb dura-dura, səbrlə tramvayın qapılarının bağlanmasını gözləyəcəkdi.
Professor elə də elədi. Tramvayın qapıları axır ki, bağlandı və tramvay zəngini çalıb bozgödəkçəliylə bir dayanacaqdan uzaqlaşdı…
Ürəyi çırpına-çırpına fikirləşdi ki, bunu çoxdan eləyə bilərdi. Bozgödəkçəlini beləcə, usta fəndlə tramvaya ötürüb özünü evə çatdıra bilərdi, orda qapı-bacasını kip bağlayıb bu qorxunc qaçdı-tutdu mərasimindən qurtula bilərdi...
Əllərini paltosunun ciblərinə saldı və becid addımlarla şəhərin mərkəzinə aparan tərəfə üz tutdu.
Qəribədi, - professor palçıqlı gölməçələrin üstündən adlaya-adlaya, içi yüngülləşə-yün\ülləşə fikirləşirdi, - hər şey dəyişmişdi… bu dəfə o biri yuxularından fərqli məqamlar ortaya çıxırdı. Məsələn, adamların sıx yerində peda olub uşağının ağzının üstündən şillə vuran gəlin o biri yuxularında yox idi...
…Yolunu qısaltmaqdan ötrü professor təxminən o tərəflərə aparan marşrut taksilərindən birinə minidi və bütün yolu, işlətdiyi bu usta fəndi bu vaxtacan işə salmadığına görə ürəyində öz-özünə acığı tutdu.
Taksini həyətlərinin yaxınlığında saxladıb düşdü və qalan yolu havanın, yağışdan sonrakı təmizliyini ciyərlərinə çəkə-çəkə getdi. Evlərinə çathaçatda çönüb hər ehtimala qarşı, geriyə baxdı. Küçə bomboş idi. Yaş asfaltın üstü küçə işıqlarının altında par-par parıldayırdı… Yolun kənarıyla uzanan ağaclar küləyin asta müqaviməti altında aramla yellənirdi...
Professor bir qədər də yeridi, həyətlərinə çatmağa azca qalmış arxadan eşidilən xəfif hənirtiyə geriyə boylandı… və az qaldı vahimədən bağrı yarıla…
Yenə o idi... dama-dama gödəkçəsinin bozluğu küçənin yarıqaranlığında qaraya çala-çala, ayaqqabıları yaş asfaltın üzəriylə, buzda sürüşən tək, sürüşə-sürüşə ona sarı axırdı…
Bu mənzərə professorun həyatı boyu gördüyü mənzərələrin ən vahiməlisi idi...
Ttini burulub nəfəsi darala-darala, ayaqları bir-birinə dolaşa-dolaşa özünü həyətə saldı…
Həyət, həmişəki kimi, zülmət qaranlığa qərq olmuşdu... İndi binaya daxil olmaq, bu ilğımvari casusu mənzilin qapısınacan ardınca aparmaq olmazdı… - professor tövşüyə-tövşüyə həmişəki qənaətinə gəldi. - Onu ötən gecələrdəki kimi, həyətin ortasındakı sıx ağaclıqda azdırmalı, yalnız bundan sonra sivişib bloka daxil olmalıydı...
Həyəcandan, ya yüyrək gəldiyindən, ayaqları sözünə baxmırdı, dəqiqədə bir bir-birinə dolaşıb onu büdrədirdi…
…Özünü, ağaclığa zorla çatdırdı... ağacların iti budaqları üz-gözünü cıza-cıza çöməlib nəfəsini içinə qısdı, həyətə diqqət kəsildi…
…Deyəsən, həyətə ondan sonra heç kəs daxil olmadı. Hə, həyətə qaranlığın özü kimi ağır sakitlik çökmüşdü… arada bir sakitliyi binaların arasıyla əsən küləyin səsi, bir də vahiməli-vahiməli yırğaladağı budaqların xışıltısı pozurdu…
-Professor!.. - hardansa, lap yaxınlıqdan eşidildi…
Professorun ürəyi qırıldı…
- Yalvarıram, mənə kömək edin, professor…
Professor bir anlıq duruxdusa da, qəfildən səsi tanıdı. Bu, akademikin səsi idi… soyuq dəymiş kimi, xırıldayırdı…
- O yenə burdadır, professor. Mənim ardımca gəlib…
- Siz… - professor vahimədən nəfəsi tutula-tutula yan-yörəsinə boylanıb akademiki, qaranlıq ağaclığı boyu axtardısa da, tapmadı. - …siz hardasız?.. Mən sizi görmürəm…
Professor sözünü bitirməyə macal tapmadı… həyətin o biri başından tini burulub qaça-qaça özünü birbaş ağaclığa salan kiminsə lap yaxınlıqda - ağaclığın ən sıx yerində kiminləsə süpürüşdüyünü, bunun ardınca akademikin, güclə eşidiləcək boğuq səslə:
- Professor!.. - deyə xırıldadığını eşitdi…
Akademik daha pıçıldamırdı… boğuq xırıltılarla xırıldayıb qışqırmağa çalışırdısa da, səsi ağzını qapayan nəyinsə ağırlığı altında əriyib itirdi…
- …kömək… ed… profes… - akademikin səsi getdikcə itib yoxa çıxdı və ağaclığın həmin sıxlığına sakitlik çökdü.
Professor bir anlıq heç nə düşünmədən, bədəni vahimədən uçuna-uçuna ani sıçrayışla ağaclıqdan çıxdı… qorxudan keyimiş ayaqları bir-birinə dolaşa-dolaşa bloka sarı götürüldüsə də, bloka aparan yolu qət etmək bu dəfə ona hədsiz çətin gəldi… beş-on addımlıq məsafə gecənin vahiməli qaranlığıyla uzandıqca uzanır, ayaqları, bataqlıqla yeriyirmiş kimi, ağırlaşırdı…
Pillələri bir təhər, nəfəsi az qala kəsilə-kəsilə qalxıb nəhayət ki, qapılarına çatdı, bir müddət də orda - qapının ağzında əl-ayağı vahimədən əsə-əsə açarları axtardı…
Açarlar həmişəki kimi, professorun paltosunun astarından tapıldı… qolunu astarın içinə az qala dirsəyinəcən salıb cibin dar yırtığına ilişən açarları bir təhər çəkib çıxartdı, mənzilin açarını qapının dəliyinə keçirib iki dəfə burdu və… dəhşətdən yerindəcə donub qaldı…
…Arxasında kimsə dayanmışdı… buz kimi soyuq əlini onun çiyninə qoymuşdu…
…Professor əlini açardan çəkib geriyə çönmək istədisə də, çiyninə qonan əlin ağırlığından yerindən tərpənə bilmədi, boğızının yoluna dirənən nəfəsini udub astaca:
- Nə istəyirsən?.. - dedi və hiss elədi ki, boğazını qəhər tutdu.
Arxadan cavab gəlmədi… Onda professor keyi heç cür açılmayan çənəsini zorla hərəkətə gətirib bir də:
- Nə istəyirsən məndən?.. - dedi və çiyninə qonan zindan əlin ağırlığı altında bir müddət vurnuxa-vurnuxa it kimi zingildədi, sonra qəfildən vəhşi səslə elə bağırdı ki, az qaldı ürəyi dayana… və öz səsinə ayıldı…
…Əcayib səslər və uğultular dolu yarıqaranlıq yuxudan sonra yataq otağının suvağı tökülmüş hisli tavanı professorun vahiməsini bir qədər səngitdisə də, titrəməsini ovuda bilmədi.
Otaq sakit idi… Aşağıda həyəti süpürürdülər. Olsun ki, səhərə az qalırdı…
Professor yorğanı üstündən atıb ayağa qalxmaq istədisə də, qorxunun və vahimənin ağırlaşıb keyitdiyi qollarını tərpədə bilmədi...
Ürək döyüntülərinin getdikcə zəiflədiyini, nəfəsinin arada bir cıyərlərində ləngiyə-ləngiyə sinəsinə qırıq-qırıq sızdığın hiss edib əlini sinəsinə qoydu.
Neçə vaxtdan bəri yuxuqabağı atdığı yuxu həblərinin təsiridi… - fıkirləşdi, - bir də gecələr yuxuda keçirdiyi qorxuların nəticəsi…
Əlini ehmalca uzadıb dolabın üstündən eynəyini götürdü, gözünə taxıb üzbəüzdəki divardan asılmış saata baxdı.
Beşə on dəqiqə işləyirdi...
Düz yeddi saat yatmışdı… yeddi saat idi, yenə həmin qaranlıq dalanların arasıyla vurnuxmaqla, lənətəgəlmiş bozgödəkçəlinin təqibindən qaçıb qurtarmaqla məşğul idi…
Qəribədi, - professor nəfəsini nizama sala-sala fikirləşdi. - klinikadan evinə aparan gündəlik marşrut olsa-olsa bir saatlıq vaxt aparırdı. Burda isə düz yeddi saat… Yuxuda zaman hüdudunun ölçüsü yoxdu… - professor fikirləşdi və qollarını asta-asta ovub keyini aça-aça bir təhər dikəldi, yorğanı çiyninə salıb başmaqlarını sürüyə-sürüyə pəncərənin qabağına gəldi, qaranlıq həyətə zilləndi.
Həyətin tən ortasında hündür kol kimi bir yerə sıxlaşan ağaclar binaların arasıyla sürünən küləyin müqaviməti ilə yırğalanır, bayaq yuxudakı kimi vahiməli-vahiməli xışıldayırdılar…
Üşüdüb geriyə çəkildi, yorğanı çiynində ehmal addımlarla mətbəxə getdi, orda işığı yandırıb dərman rəfini açdı, ürək dərmanından fincana damızdıra-damızdıra fikirləşdi ki, bu gün mütləq akademiki tapmalıdı… onunla təcili surətdə görüşüb bu dəfə hər şeyi ona olduğu kimi danışmalı, hər ikisinin düşdüyü bu çıxılmaz vəziyyətdən çıxış yollarını onunla birgə axtarmalıdı. Bu, hər şey bir yana qalsın, onun həkimlik və insanlıq borcudu.
Divar saatı ağır kəfkirini işə salıb altı dəfə vurdu və professor akademiklə dünənki görüşünü xatırladı... onu necə, hardan tapacağı barədə fikirləşib xatırladı ki, akademikin şəxsiyyət vərəqəsinin göstəricilərləri və yəqin ki, ev ünvanı klinikanın qəbul şöbəsində olmamış olmaz. Ən azı, bunsuz, akademikə xəstəlik vərəqəsi açmazlar. - professor fikirləşdi və bu fikirdən ürəyinin ağrısı elə bil bir qədər azaldı.
* * *
Akademikin şəxsiyyət vərəqəsinin göstəriciləri və ünvanı qeydiyyat kitabçasında, uzun bir siyahının ortasında, cürbəcür ad-famıliyaların arasında səliqəli xətlə yazılmışdı…
Professor bu rəqəmləri kibrit qutusu böyüklüyündə bloknot vərəqinə köçürüb cibinə qoydu, otağına qalxıb paltosunu soyunmadan, yazı masasının arxasına keçdi, telefonun dəstəyini qaldırıb arayış xidmətinə zəng vurdu, akademikin ünvanını deyib bir müddət gözlədi, bir qədərdən sonra dəstəyin o başında eşidilən nömrəni həmin kağıza - akademikin familiyasının altına köçürdü və həmin dəqiqə də nömrələri yığdı.
Telefona, uzun-uzadı çağırış zənglərindən sonra cavan oğlan səsi cavab verdi:
- Bəli.
- Alo, sabahınız xeyir. - professor nəzakətlə dedi.
- Sabahınız xeyir. - telefonun o biri başından səs gəldi.
- Mənə akademik Siracov lazımdı.
Telefonun o başında bir müddət susdular, sonra sakit səslə:
- Kimdi soruşan?.. - dedilər.
- Bu, həkimdi. Onun həkimi. Professor Veyisov. Dünən o, bura gəlmişdi, mənim yanıma…
- Bəli.
- Mən onun özüylə danışmalıym. Mümkünsə, təcili. - professor boğazını arıtlayıb mümkün qədər nəzakətlə dedi.
Telefonun o başında yenə susmuşdular.
- Alo?!.. - professor bir də dedi - Əgər o, evdə yoxdusa, onda iş nömrəsini verin, özüm taparam onu.
- Bilirsiz, - oğlan tərəddüd içində susdu, sonra qəribə rəsmi tonda. - …o, bu gecə vəfat edib. - deyə əlavə elədi.
- Vəfat edib?.. Akademik Siracov? Vəfat edib?.. - professor dedi və sualının yersizliyini həmin dəqiqə də başa düşdü… bu gecəki yuxusunu, qaranlıq, sıx ağaclığın dərinliyində, sirli vurnuxmada kiminləsə süpürləşən akademikin xırıltılı səsini xatırladı…
- Cənazə bu gün saat beşdə Elmlər Akademiyasının bınasından götürüləcək. - telefonun o biri başındakı səs dedi və bir müddət hüznlə susdu.
Professor nə deyəcəyini unudub ağzının içində nə isə mızıldadısa da, telefonun o başında dəstəyi asdılar…
Bir müddət gözü qara telefon aparatının ağ gözlər kimi dövrələnmiş nömrələrinə zillənmiş vəziyyətdə oturub qaldı... Akademikin qəfil vəfatı, ağacların budağını vahiməli-vahiməli yırğalayan küləyin səsi, yaş asfaltın üzəriylə acıqlı bəbir yerişi ilə yeriyən bozgödəkçəlinin silueti bir-birinə qarışdı…
Bu, necə ola bilərdi?..
Cibindən çıxardığı burun yaylığını üz-gözünün tərinə hopdurub dəstəyi əlinə aldı və bayaqkı nömrələri bir də yığdı.
Bu dəfə dəstəyi ikinci zəngdə qaldırdılar. Danışan, yaşlı qadın səsi idi.
- Bu, yenə mənəm… - professor astadan dedisə də, telefonun o biri başından səs gəlmədi. - Mən üzr istəyirəm… Bu, akademik Siracovun evidi?.. Fəlsəfə elmləri doktoru, akademik Siracovun mənzilidi?..
- Bəli. - qadın səsi hüznlə dedi.
- Bayaq bu nömrədən mənə kədərli xəbər dedilər. Bilmək istəyirdim ki…
- Bəli, cənazə bu gün saat beşdə Elmlər Akademiyasının binasından götürüləcək.
- Sağ olun. - professor dedisə də, sonradan nəyisə xatırlayıb dəstəyi asmadı. - Üzr istəyirəm, danışan professor Veyisovdu.
Qadın səsi güclə seziləcək ehtiramla:
- Veyisov?!..
- Mən həkiməm. Psixiator Veyisov.
- A-ah, - səs endi, - professor Veyisov... Onun son ümidi…
- Mən… - professor hiss elədi ki, pörtdü. - bilirsiz o gün…
- Sizdən sonra o bütün ümidini itirdi. Axır ki, apardılar. - qadının sonrakı sözləri telefon xəttində yaranan xırıltılara qarışdı.
- «Apardılar» deyirsiz?.. - professorun içi titrədi...
- O elə bunu deyirdi. Sizin də ayağınıza bundan ötrü getdi... amma əliboş qayıtdı. - telefonun o biri başına sakitlik çökdü, qadın nəfəs dərib sözünün ardını gətirdi. - Ona heç kim kömək edə bilmədi. Dərdinə əlac tapılmadı.
- Günah məndədir. - professor qətiyyətlə dedi və bu qısa etirafdan içində yüngüllüyə oxşar nəyinsə yarandığını duydu.
- Onu, özü deyən kimi, yuxuda apardılar. - qadın onu eşitmirmiş kimi, ahəstə-ahəstə danışırdı. - Saat üçlə dörd radələri arasında… Özü dediyi kimi, gecəylə sübhün kəsişməsində.
- Yuxuda?..
- Özü də həmişə deyirdi. Bunu deyirdi. «Bu - mənim axırımdı.» - deyirdi. - qadın sonra yenə nə isə dedi, professor daha heç nə eşitmədi. Professorun beyni ağappaq, sopsoyuq dumanın içindəydi…
Akademik bu gecə saat üçlə dörd arasında yuxuda keçinmişdi… Bu xəbis ölüm aktı həmin radələrdə həm də necəsə, onun yuxusunda baş vermişdi... Bu, necə ola bilərdi?..
Professor hiss elədi ki, gicgahına yayılan soyuq gizilti bütün bədəninə yayılır.
- …elə deyirdi, yanımda yat, qorxuram. O qorxacaq deyildi, onu yuxuları o günə salmışdı. Gecənin bir aləmi xırıltısına ayıldım. Yazıq yuxuda da sizi çağırırdı. «Kömək edin, professor…» - deyib suda boğulan tək, çabalayırdı... - bu yerdə deyəsən, qadının boğazını qəhər tutdu. - Elə bil kiminləsə əlbəyaxa əlləşirdi. Ha çalışdım oyadam, oyanmadı ki, oyanmadı... Elə əlləşə-əlləşə də getdi…
Professor hiss elədi ki, daha danışmaq istəmir. Danışmağa heyi yoxdu. Bir də qadın kövrəldikcə, səsi əsəblərinə toxunur. Odu ki, söhbəti yekunlaşdırıb dəstəyi asdı.
Paltosunu soyunub əl-üzyuyanın qarşısına keçdi, krantı açıb bir müddət suyun səsinə diqqət kəsildi, soyuq sudan üzünə vurub əl-üzyuyanın üstündən asılmış balaca, dördkünc güzgüyə zilləndi...
Rəngi avazımış, gözlərinin altı, neçə vaxtın yuxusuzluğundan dərin çuxurlara düşmüşdü…
Siyirtməni çəkib qəlyanını çıxartdı, içini doldurub alışqanı yandırdı, kürəyini kreslonun söykənəcəyinə söykəyib qəlyanı tüstülətməyə başladı… və dünənin axşamından bura baş verənləri - akademikin onun qəbuluna gəlişini, bu gecəki yuxuda baş verən sirli qətlini, arvadının dediklərini bir-birinin ardınca sıraya düzüb bütün bu mənzərənin məntiqini müəyyənləşdirməyə çalışdısa da...
…Akademiki yuxuda öldürmüşdülər. Dəqiq olanı, hələ ki, bu idi. Digər müəmma - bu amansız qətlin həm də necəsə, onun yuxusunda baş verməsi, yaxud, onun hansı möcüzəyləsə, akademikin yuxusuna düşməsiydi.
Bütün bu anlaşılmaz qarmaqarışıqlığa aydınlıq gətirməyin vaxtı çatmışdı, hələ bəlkə də ötmüşdü… Bu gecəki hadisə yuxu kimi qavradığı bütün o ələgəlməz görüntülərin sadəcə yuxu yox, hər döngəsi insan həyatı üçün təhlükə saçan sirli ərazidə baş verməkdə olan reallıqlar olduğunu təsdiq edirdi… İndi bu gecəki yuxunun hardan başladığını yadına salmalı, onun akademikin, yoxsa akademikin onun yuxusuna düşdüyünü dəqiqləşdirməli idi. Bu gecəki yuxuda, dəqiq yadında qalanı - onun gündəlik marşrutu ilə - 12 nömrəli tramvayla gedib öz küçələrində düşməsi idi. - professor fikirləşdisə də, qəfildən bu gecəki yuxuda evə tramvayla yox, marşrut taksisində yollandığını xatırladı… həyətlərinə aparan yolun yaş səthi ilə yeriməyini, arxadan eşidilən hənirə geriyə qanrılıb bozgödəkçəlinin qorxunc siluetini görməyini, özünü təngənəfəs halda həyətə, ordan ağaclığın sıx yerinə salmağını yadına saldı… Evə marşrut taksi ilə yollanmağını çıxmaq şərtiylə, bu gecəki yuxusu, o birilərin təkrarı idi. Bu gecə onun yuxusunda baş verənlər, elə ondan əvvəlkilər də olsun ki, akademikin dediyi kimi, yuxuda yox, ayrı bir ərazidə baş vermişdi... Və əgər eləydisə, onda şəhərin o biri başındakı mənzilində, öz yorğan-döşəyində yatan akademikin onların həyətində qətlə yetirilməsini hansı məntiqlə, hansı məkan, yaxud zaman ölçüləriylə hesablamalıydı?.. Ya bəlkə… - professor şlyapasını çıxarıb stolun üstünə qoydu, - hər şey o düşündüyündən daha sadə idi?.. Akademik də, o da, klinikada ahıllıq psixozu üzrə qeydiyyata düşən yüzlərlə ruhi xəstələrdən biri idilər?..
Akademik solğun üzü ilə, içində sönük işartılar oynayan qonur gözləri ilə professorun gözlərinin qabağına gəldi...
Yox, akademik xəstə deyildi. Sadəcə, nə isə baş verirdi... və onlar hər ikisi həmin o baş verənin qurbanları seçilmişdilər. Belə olmasaydı, bu gecə həyətin qaranlıq ağaclığında ağlaya-ağlaya onu köməyə çağıran akademikin dediyi son sözləri şəhərin ayrı bir başındakı mənzildə əriylə yanaşı yatan arvadı eşidə bilməzdi. Yox-yox, hər şey ağlasığmaz dərəcədə sirli və qəliz idi… - professor fikirləşdi. Təşfişə düşüb tələsik nəticə çıxarmaqla heç bir şey əldə edilməyəcək. Soyuq ağıl və səbr - bütün düyünlərin və kələflərin açarı budu. - professor fikirlərinə beləcə aydınlıq gətirməyə çalışdı, bu məqsədlə masanın kənarına qoyulmuş su qrafininin qapağını açıb stəkana su süzdü.
Birinci ehtimal budu ki, akademik xəstə deyildi və indi belə məlum olurdu ki, o həqıqətən tələyə keçmişdi. Akademiki həmin o ölüm tələsinə özü dediyi kimi, elmi işində toxunduğu «bəzi qadağa mətləblərə» görə salmışdılar. Bu gecəki qətl tezliklə onunla da belə bir hadisənin baş verə biləcəyindən xəbər verirdi. Akademiki neçə vaxtdan bəri kölgə kimi təqib edib axır ki, canını alan sirli yuxu casusunun cənginə, belə çıxır ki, həmin o yuxuda - bozgödəkçəli Elmlər Akademiyasının binasına daxil olmaq istəyərkən, hansı sirli duyumlasa geriyə qanrıldığı məqam düşmüşdü…
Bozgödəkçəli yuxu casusunun onda Elmlər Akademiyasının binasına məhz akademikdən ötrü girdiyini və elə onda da necəsə, həmin o sirli əraziyə düşdüyünü professor yalnız indi anlamağa başladı və bundan ürəyi pis-pis sıxıldı.
Bu gecə isə Ölüm elçisi akademikin danışdığı kimi, onun da mənzilinin ağzına çatmışdı və zindan ağırlığında soyuq əlini onun da çiyninə qoymuşdu... Bu, o demək idi ki, onun da vaxtına az qalırdı…
Bu fikirdən, ya bayaq üzünü yuduğu suyun soyuqluğundan, saçlarının dibi gizildədi... Ani bir məqam qapını açıb dəhlizə sıçramaq, səsi gəldikcə bağırıb adamları başına yığmaq, onların arasında gizlənmək istədi… özünü başına yığışacaq insanların arasında təsəvvür elədi və gözləri qarala-qarala bu insan dəstələrinin onu qucaqlarına alıb qabırğalarının altında gizləsələr belə, bozgödəkçəlidən gizləyə bilməyəcəklərini anladı... Yuxuda heç kimin heç kimi qorumaq gücü yox idi... Bu fikirdən elə bil otağın tavanı bir neçə pillə aşağı endi, yoxsa, bu, professora elə gəldi?..
Günahı nə idi axı?.. - yazı masasına dirsəklənib başını əllləri arasına aldı. - O ki, heç nə yazmırdı ki, hansısa qadağalı mətləblərə toxuna?..
Əllərini qoltuqlarına keçirib bir müddət gözləri yol çəkə-çəkə son illər olub keçənləri - dediyi bütün sözləri və hərəkətləri, getdiyi yerləri və görüşdüyü adamları yadına salmağa çalışdısa da, qarısının ölümündən sonrakı son üç ili xəstələrindən və kolleksiyasına əlavə elədiyi son cücü qurularından savayı heç nəyi xatrlamadı…
Bəlkə günahı o idi ki, o da necəsə, hansısa qadağa sərhədləri öz xəstəhal yuxu aludəliyiylə pozmuşdu?.. Yuxuda nəyinsə - örtülü, qapalı olan haranınsa səddini aşıb özü də bilmədən, akademiki təqib edən bozgödəkçəlinin izinə düşmüşdü?..
Yaddaşını cilovlayıb həmin gecə bozgödəkçəlinin izinə yuxunun məhz hansı məqamı, hansı səbəbdən düşdüyünü, bütün yuxunu kimliyini bilmədiyi bu adamı, qorxudan az qala bağrı yarıla-yarıla, addımbaaddım izləməyinin səbəbini yadına salmağa çalışdısa da, dəhşət filmlərinin kadrlarını andıran bu ikili təqib prosesinin mexaniki ardıcıllığından savayı yadına heç nə düşmədi…
Qapı astaca tıqqıldadı və aralandı. Qapının o üzündən ədəbli səs:
- Gəlmək olarmı? - dedi və içəri səliqəli geyimli, orta yaşlı, yaraşıqlı bir adam daxil oldu. Qapını ardınca bağlayıb qollarını tələbə utancaqlığı ilə arxasında çarpazladı.
Professor fikirdən ayılıb cib saatına baxdı.
On birin yarısı idi.
- Buyurun, əyləşin. - dedi, xəstəyə yer gösiərdi, özü isə, vahimədən keyi hələ də açılmayan əlləri bir-birinə dolaşa-dolaşa paltosunun düymələrini açmağa başladı, paltonu ayağa qalxmadan, yaxındakı divanın üstünə atıb masanın üstünə səpələnmiş kağız-kuğuzu sahmanlaya-sahmanlaya fikirləşdi ki, xəstəni nahaq qəbul elədi.
Xəstə professorun təklif etdiyi stula əyləşib əllərini dizlərinin üstündə çarpazladı və professora edə baxdı, elə bil bura professorun dəvətiylə gəlmişdi.
- Müayinə vərəqəniz var?.. - professor candərdi soruşub kağızları necə gəldi, üst-üstə yığdı.
- Bəli-bəli, gərək ki, burda - sizdə olmalıdı. Mən dünən gəlmişdim, dedilər günün ikinci yarısı olmusunuz.
- Familiyanızı deyin.
- Qurbanov.
- Qurbanov. - professor ağzının içində deyə-deyə, xəstəlik vərəqələri arasında «Qurbanov» familiyasını axtardısa da, tapmadı, artıq sual-cavab yaranmasın deyə - Buyurun danışın, şikayətləriniz nədi. - dedi, öz isə siyirtmədən çıxardığı tənbəki qutusunu masanın üstünə qoyub kibrit çöpü ilə qəlyanının qarasını təmizləməyə girişdi.
- Şikayətim çoxdu. Başınızı ağrıtmaq istəmirə. Məncə əsəb pozğunluğu.
- Sizcə?..
- Həyat yoldaşım da deyir. - xəstə dedi və elə bil pörtdü. - Dostlarım, tanış-biliş də neçə vaxtdan bəridi bunu hiss edir. Son vaxtlar özüm də hiss eləyirəm. Bura da məni, düzünü desəm, yoldaşım göndərdi.
- Onlar nə deyir, özünüz nə hiss edirsiniz?.. - professor qəlyanı ehtiyatla masanın üzərinə qoydu, özü isə kreslonun söykənəcəyinə söykəndi.
- Arvadım deyir, yuxuda danışıram… Bəzən elə olur ki, dəli kimi bağırıram… - xəstə deyib susdu, dovşan gözlərini andıran dəyirmi gözlərini professora zillədi.
- Davam edin- davam edin. - professor deyib qəlyanını tütünlə doldura-doldura fikirləşdi ki, əgər bu dovşan gözlü adam da bozgödəkçəlidən danışsa, havalanacaq.
- …özüm isə bir onu hiss eləyirəm ki, son vaxtlar məndə tənhalığa qəribə meyl yaranıb. Son vaxtlar ən yaxşı dostlarımdan belə qaçmağa başlamışam. İşdə də qapını arxadan açarlayıram ki, içəri girən olmasın. Başa düşürəm, düz eləmirəm, belə olmaz, amma özümlə bacara bilmirəm.
- Adamlardan niyə qaçmağa başlamısınız, səbəbi özünüzə aydındı?..
Xəstə çiyinlərini çəkib susdu, sonra nagümanlıqla:
- Məncə onlardan əsəbiləşirəm. - dedi.
- Nə səbəbə axı?..
- Orasını bilə bilmərəm. Məncə odu ki, mənimki onlarla tutmur.
- Bəs dostlarınız? Onlarla da tutmur?
Xəstə başını yellədi:
- Onlar da məni darıxdırırlar. Bura da məni arvadım göndərdi.
Xəstənin səsi professoru birdən-birə darıxdırdı:
- Tənhalıq dediyiniz saatlarda nə edirsiz, nə ilə məşğul olursuz? - deyib qəlyanı alışdırdı.
- Əsasən kitab oxuyuram, dini kitablar.
- Belə de. Peşəniz nədi?
- Əlyazmalar institutunda işləyirəm. Özüm dilçiyəm, amma tərcümə ilə də məşğul oluram. Bu dəqiqə əlimdə qədim Misir rəmmallarının «Yuxu məkanı» adlı maraqlı əlyazmasını tərcümə edirəm. Düzünü deyim, əsəblərim çoxu da elə o əlyazmaya girişəndən pozuldu.
«Yuxu» sözündən professorun ürəyi düşdü.
- Deyirsiz əsəbləriniz bundan pozulub. İzah edə bilərsiz, niyə?..
- Niyə?.. - xəstə professorun bu sualından çaşan kimi oldu, bir qədər fikrə gedib, - Onu deyə bilmərəm. - dedi.
- Sizcə, bu əlyazmayla bağlıdır, hə?..
- Məncə hə. Bu sehrli bir mətndir. Özü elə də böyük deyi. Yüz səhifədən artıq olmaz. Düzdü bəzi səhifələri itib, bəzilərində mətn pozulmaları müşahidə olunur, amma o sehr olduğu kimi saxlanılıb.
- Maraqlıdı. - professor həyəcanlandığını duyub özünü ələ aldı, bayaqkı təmkinlə - Düzü, mən özüm də qədim əlyazmaların həvəskarıyam. Babat kitabxanam da var. Amma yuxular barədə məndə olanlar əsasən, tibbi ədəbiyyatlardı.
- Yox, professor, mən dilimdə «Misir» deyirəm. Qədim, əfsanəvi Misir… - bu sözdən nədənsə, xəstənin gözlərindən sərxoş bir dalğa axdı və elə həmin an yanaqları qızardı...
Yoxsa, bu, professora elə gəldi?..
- Bu, əlyazmanın əsli deyil, surətidi. - xəstə həvəslə sözünə davam elədi. - Bunun əsli ələ düşməz. Təsəvvür edin, bu əlyazmanın tarixi bilinmir. Orda yuxular - insanın fizioloji halı kimi yox, sağ ikən onu o biri dünyalarla bağlayan körpü kimi təqdim edilir…
Professor xəstəni dinləyə-dinləyə fikirləşdi ki, gözündə zərrə qədər xəstəlik əlaməti olmayan bu gümrah adamın bura təşrifi də, olsun ki, onun yuxuları kimi, hansısa mistik məqsəd daşıyır və bu fikirdən bədəninə dolan titrəmədən üşütdü, bayaq divanın qoltuqluğuna atdığı paltosunu çiyninə salıb bərk-bərk özünə bürüyə-bürüyə fikirləşdi ki, hər şey bir yana qalsın, o ilk növbədə həkimdi və qəbul saatlarında öz vəziyyətini, xəstəhal yuxularını bir kənara qoyub unutmalıdı.
- Maraqlıdı. - professor sönmüş qəlyanını yenidən alışdırıb xəstənin üzünə zilləndi.
- Çox maraqlıdı. - xəstə getdicə, elə bil daha da həvəslənirdi. - Orda yuxu - insan ruhunun bədəni tərk edib görünməz aləmlərlə əlaqəyə girmə məqamı kimi təsvir edilir. Bu aləmlərin, daha doğrusu, bu məkanların mövcudluğu orda elmi dəlillərlə sübuta yetirilir. O dəlillərə görə yuxu, bu dünyayla o dünya arasında asılan görünməz, şəffaf laydır…
…Bu gecəki yuxusu, yarıqaranlıq ağaclıq, akademikin köməksiz səsi hardansa lap yaxından - professorun arxa tərəfindən ötüb keçdi… Əgər bu xəstə tərcüməçinin sözündə həqiqət var idisə, demək, professor həmin o Yerə akademiklə bir düşmüşdü...
- …odu ki, adəm əhlinə qadağan edilir.
- Üzr istəyirəm, fikrim yayındı. Deyirsiz, nə qadağan edilir?..
- Yuxuları yadda saxlamaq. Orda deyilir ki, insan yuxusunu yadında saxlasa, istər-istəməz o adamın bir ayağı bu dünyadan üzülməyə başlayır. Odu ki, siz bir fikir verin, görün hansı birimiz gecənin neçə saatı ərzində gördüyü yuxusunu yadında saxlaya bilir?.. Orda elə belə də yazılır ki, yuxu ərazisinə aludə olanların burda, yəni Yer üzündə yaşamaq limiti başa çatır.
- Nə mənada?..
- O mənada ki, insan özü də bilmədən, daim ora - yalnız yuxuda düşə bildiyi həmin o məkana can atır. İndi görün bu, necə bir yerdi ki, insanın əlini bu dünyadan üzür. - bu yerdə xəstə bir anlıq susub elə bil fikrə getdi, sonra gözləri yol çəkə-çəkə, ovsuna düşmüş kimi - Mən bunu başa düşürəm. - dedi. - Olsun ki, burda - Yer üzündə axtardığımız azadlığa biz yalnız orda - həmin o məkanda qovuşur. Axı orda biz, hər şey bir yana qalsın, bədənsiz oluruq?!..
- Nə mənada?.. - professor elə bil diksindi.
- O mənada ki, yuxuya aludə olan bizim bədənimiz deyil. - xəstə deyib mənalı-mənalı professora zilləndi. Elə bil daha nə isə deyəcəyini yadına salmağa çalışdı...
Professor isə yenə dünənki günortanı, xəstənin oturduğu həmin bu kresloda oturub, ona dərdini danışan bədbəxt akademiki xatırladı…
İndi o xəstədən çox, münəccimə oxşayan bu adama nə deməliydi?.. Anladığı bir o idi ki, hər şey durulub aydınlaşmaq əvəzinə, getdikcə, bulanıb düyünlənirdi...
- …orda bu barədə dəqiq bir şey yazılmır. - xəstə hələ də əlyazma barədə həvəslə danışmağına davam edirdi. - Bu, mənim şəxsi qənaətimdi. Məncə orda burdakı həyat normaları çərçivələri və qanunları işləmir. İşləyə də bilməz. - xəstə deyib bir qədər susdu, elə bil professorun nə deyəcəyini gözlədi, sonra qəfildən. - Hə, yadıma düşdü, orda bir də yazılır ki, həmi o Məkaının… yuxu məkanının yəni, insan həyatı üçün təhlükəli olan əraziləri də var. Bax ən dəhşətlisi də budu...
Xəstənin bu sözündən sonra pofessor gözlərinin qaraldığını hiss edib udqundu:
- Nə mənada?..
- Həmin o ərazilərin ixtiyarına keçənlər də olur. Düzdü, bu, çox nadir hallarda baş verir, amma olur. - xəstənin üzündə bu yerdə hüznlu kölgələr dolaşdı. - Bax, ora düşən insana xilas yoxdu. Orda həmin o ərazilər barədə yazılanları oxuyanda, anlayırsan ki, bu, təxminən Cəhənnəmin özüdü. Ya da ən azı, oraların astanasıdı. - xəstə artıq müəllim kimi danışırdı. - Orda bir fəsil ancaq bu barədədi. Əlyazmanın ən sehrli yeri də budu. Orda deyilir ki… - bu yerdə xəstə səsini azaltdı, nədənsə ehtiyat edən kimi, az qala pıçıltı ilə - həmin o ərazilərin ixtiyarına keçmək - İblisin nəzarəti altına - Zonaya düşməkdi.
Xəstə bu sözləri qəribə ehtiyatla, elə bil otaqda onların ikisindən savayı olan kiminsə eşidəcəyindən çəkinə-çəkinə dedi. Yoxsa bu, professora elə gəldi?!..
- Yuxuya aludəlik, yəni yuxu asılılığı bu dünyaya üz çevirmək kimi bir şeydi. - xəstə deyib kreslonun söykənəcəyinə yayxandı. - Bu sayaq yuxu aludəliyi orda Allahı qəzəbləndirən intiharla müqayisə edilir. Yuxuya can atmaq, yuxuda yaşamaq Allahın yaratdığı bu işıqlı dünyadan, yəni bizlər üçün yaradılan bu gözəl nemətdən üz çevirmək kimi qiymətləndirilir.
- Maraqlıdı. - professor süni laqeydliklə dedi və hiss elədi ki, başı gicəllənir.
- Orda o da yazılıb ki, həmin o ərazilərə əsasən, bağışlanmaz günah sahibləri düşür. Daha doğrusu, onları oralara necəsə çəkib aparırlar.
Akademik öz günahını bilirdi. - professor xəstənin dediklərini daha eşitmirdi. - Onun günahı nə idi?..
- …bunlar xırda şeylərdi. - xəstə danışmaqdan yorulmurdu. Elə bil neçə vaxtdan bəri həsrətlə ona bu əlyazma haqqında mühazirə deməyə hazırlaşmışdı.
Professor fikirləşdi ki, akademikin həmin o elmi işini nəyin bahasına olursa olsun, əldə etməlidi. Bu qarmaqarışıq, kilkəli tilsimdən çıxmağın yolunu ona, həmin o «qadağalı mətləblər» göstərəcəkdi.
- Ordan geriyə yol yoxdu. - xəstə deyib, qəribə bir hüznlə professora baxdı. - Orda elə-belə də yazılıb.
Professor fikirləşdi ki, qəribədi ki, bu gümrah üzlü xəstənin, onun beynindən keçənləri həmin dəqiqə oxuması, ürəyində bitən ani suallara o andaca cavab verməsi bayaqdannan bəri diqqətini cəlb eləməyib. Elə bunu fikirləşmişdi ki, qəfildən, xəstəlik vərəqəsi tapılmayan, nazik burnu, qövsvari qaşları, qulaqlarının iti uclarıyla balaca, fitnəkar şeytanı andıran bu adamın üzü professora tanış gəldi… və professor ürəyi sıxıla-sıxıla, bura gələndən yalnız yuxulardan danışan bu adamın bura əslində, nə məqsədlə təşrif buyurduğunu müəyyənləşdirməyə çalışdısa da, xəstə buna imkan vermədi, ayağını ayağının üstə aşırıb:
- Belə-belə işlər. - dedi və gözlərini professordan yayındırmaq üçün harasa, döşəməyə zilləndi.
Professorun nə isə deməyə heyi yox idi.
Hamısı yorğunluqdu, beyin və sinir yorğunluğu. - professor beyni dumanlana-dumanlana fikirləşdi və eynəyini çıxarıb üz-gözünü ovuşdurdu. - Bir də son həftələr az qala ovuc-ovuc atdığı ağır trankfilizatorların təsiri.
- Maraqlanırsızsa, mən o yazının üzünü çıxarıb sizə gətirə də bilərəm. - xəstə dedı.
Professor nə isə demək istədisə də, dilini tərpədə bilmədi… üzbəüzdəki xəstə də, onun arxısındakı kitab şkafı da yerini dəyişib ha yanasa axdı…
Professor gözlərini bir neçə dəfə yumub-açdısa da, başgicəllənməsi səngimədi.
- Elə bil özünüzü pis hiss edirsiz, professor. - xəstə deyib ayağa qalxmaq istədi... sonra elə bil ayağa qalxdı da… stolun üstündəki qrafini əlinə alıb stəkana su tökdü… yoxsa, stəkanı professora uzatdı?..
Olsun ki, qan təzyiqi qalxdı. - professor gözlərinin qabağına tədricən qaranlıq çökə-çökə fıkirləşdi və əlini ona sarı sarı uzanan stəkana atdısa da, onu heç cür əlinə ala bilmədi… gözü stəkanın içində xırda titrəyişlərlə çalxalanan suyuna zillənib qaldı. Sonra nə oldusa, professor oturduğu yerdə elə bil harasa, arxaya getdi… orda nəyəsə söykənib, ya arxası üstə yıxılıb, otaq başına hərlənə-hərlənə qaldı… və getdikcə işığı azalan bulanıq gözləriylə sivri burunlu xəstənin qəribə, qorxaq addımlarla ona yaxınlaşdığını, üstünə əyilib qırmızı gözləriylə üzünə yaxından baxdığını gördü və bundan zəif-zəif titrətdi… gördüyü son mənzərə sumağı ayaqqabıların ehmal-ehmal döşəməyə basıla-basıla qapıya sarı getməsi və orda dumanabənzər ağlığın içində yoxa çıxması oldu…
…Bir qədər sonra professor sallaqxanı andıran yarıqaranlıq bir yerdən başıaşağı asılmışdı… Bədəninin qanı, uzun müddət başıaşağı asıldığından, beyninə dolmuşdu, orda nəbziylə bir, aramla lükküldəyirdi... çox keçmədi ki, beyninin ən yoğun dammarı qan lükkültüsünə davam gətirməyib çatladı… və qanı ağır damcılarla harasa aşağı - sonu, axırı görünməyən dibsiz dərinliklərə damcılaya-damcılaya çıqıldamağa başladı…
Damcıların səsi hardansa uzaqdan, elə bil Yerin o üzündən eşidildi… sonra qəfildən hava soyudu və professor eləcə başıaşağı asıldığı yerdə üşütdü… çənəsi bədəninə yeriyən soyuqdan titrəyib dişlərıni bir-birinə vurdu... bu məqam ha tərəfdənsə soyuq, sürüşkən bədənləriylə sürünüb biləklərinə, topuqlarına sarılan ilanabənzər əcaib məxluqların kor başlarını onun bıləklərinə sancıb qanını acgöz-acgöz sümürməyə başladığını duydu… lakin nə tərpənməyə, nə qışqırmağa heyi yox idi… Tərpəndikcə, gicgahından süzülən qanın axını güclənirdi, biləyinə sarılmış kor ilanlar dişsiz ağızlarını bir az da dərinə yeridirdil…
Bütün bu müdhişlikdən xilas olmağın yeganə yolu - gözlərini yumub özünü soyuq ölüm yuxusuna vermək idi... Qan itkisinin - ölümə aparan ən qısa və ağrısız yol olduğunu professor yaxşı bilirdi, odu ki, gözlərini yumub təsəvvürünə yadında qalan xoş xatirələri salmaq istəyirdi ki, qəfildən bədəninin silkələnməsinə dik atılıb gözlərini açdı…
Canı sızıldadı… kiminsə sümüklü əlləri çiyinlərindən yapışıb onu kobud-kobud silkələyirdi… sonra ha tərəfdənsə üzünə soyuq su çiləndi…
Gözlərini açdı…
Klinikanın bir neçə həkimi, tibb bacıları, ətrafına yığışmışdılar. Qolları, yalın topuqları kardioqram cihazının sulu əmzikləriylə dolu idi...
Bayaqkı xəstə də burdaydı, həkimlərin arasından ağarmış bəniziylə ona baxırdı… qulaqlarının da burnunun da ucları bayaqkı kimi sivri deyildi...
- Özünə gəldi. - kimsə dedi, sonra üstünə əyilib üzünə lap yaxından baxdı:
- İndi necəsiz, professor?.. - dedi.
Baş həkim də burdaydı, qapının ağzında dayanıb qəhərli səslə astadan kiminləsə danışırdı.
- Hamımızın axırı budu. - professor baş həkimin dərin ahla bitirdiyi axırıncı cümləni eşitdi.
Gözlərinin qabağı hələ də bulanıq idi. Başı daha hərlənmirdi.
Həkimlər köməkləşib onu xərəyə keçirmək istədilər.
- Lazım deyil… - professor keyimiş dilini bir təhər hərəkətə gətirdi.
- Bəlkə sizi evə aparaq, professor?.. - bayaqkı xəstənin üzündəki günah ifadəsi hələ də sovuşmamışdı. - Sizi mən yordum.
Professor heç cür evə gedə bilməzdi, özünü o ölüm qoxulu yuxularının ixtiyarına verə bilməzdi. Odu ki:
- Yaxşıyam, narahat olmayın. - dedi və özünü dikəltdi.
Xəstə həkimlər dağılışandan sonra da getmədi, qapının ağzında dayanıb bir müddət günahkar üzlə professorun üzünə zilləndi:
- Məni bağışlayın, professor, yordum sizi. İşiniz onsuz da ağırdı, mən də bu yandan. - dedi və ehmal addımlarla otaqan çıxdı.
Hər şeyin izahı olduğu kimi, bunun da izahı tapılacaq. - professor beyni tədricən aydışlaşdıqca fikirləşirdi ki, yenə hardansa gözlərinin qabağına boz gödəkçəli yuxu casusunun İstiqlaliyyət küçəsindəki Elmlər Akademiyasının girəcəyində ayaq saxlamasını, geriyə qanrılıb bozumtul üzünü uzaqdan-uzağa ona zilləməsi gəldi…
Tez ayağa qalxıb pəncərəni açdı və bir müddət çölün havasını ciyərlərinə çəkə-çəkə küçəyə baxa-baxa, sinəsinin sol tərəfinə qısılan nəfəsini nizamlamağa çalışdı…
Yağış yağırdı…
Hər şey dahiyanə ustalıqla işlənmiş simmetrik naxışlarla böyür-böyürə, üst-üstə sıralanan sirli məntiqlər dolu vahiməli mənzərə yaradırdı. Bütün bunları əsassız fərziyyəyə, uğursuz təsadüfə, yaxud, anlaşılmaz uyğunluğa çevirməyə xırdaca da olsun, səbəb, ya bəhanə yox idi. Bütün bu baş verənlərdən sonra o, başını aşağı salıb qurbanlıq qoyun kimi evə yollana bilməzdi, özünü, qırmağı iti yuxuların ixtiyarına verə bilməzdi... - professor ürəyi sıxıla-sıxıla fikirləşdi. Bütün bu qəliz izaholunmazlıqlara müəyyən aydınlıq gətirəcək bir şey qalırdı - akademikin əlyazması… O əlyazmanı mütləq əldə etməliydi.
Stolunun arxasına keçib siyirtməni çəkdi, qəlyanı əlinə alıb dayandı, döyüntüsü hələ də səngiməyən ürəyini xatırlayıb qəlyanı siyirtmənin dibinə itələdi.
Qapı yenə xırda-xırda döyüldü.
Gələn yenə tabelçi idi, armudu stəkanda gətirib gəldiyi çayı professorun yazı masasının üstünə qoyub astaca:
- Limon tapa bilmədim. - dedi və bayaqkı xəstə kimi, ehmal addımlarla otaqdan çıxdı.
***
Akademikin cənazəsi Akademiyanın böyük iclas salonunun gur işıqlı səhnəsində - qırmızı məxmər üzlü hündür pyedistalın üstündə, gül səbətlərinin və əklillərin ortasında qoyulmuşdu. Cənazənin içində rəngsiz bəniziylə uyuyan akademikin sarımtıl əlləri bircə gecənin içində ağlasızmaz dərəcədə şişib üfürlənmiş qarnının üstə çarpazlanmışdı, ötən gecəki yuxuda keçirdiyi qorxular və iztirablar dolu vahimə ifadəsi üzünün hər əzasında olduğu vəziyyətində qalmışdı. Burun pərələri iri-iri açılmış, nazik dodaqları ağlamsınan tək, büzülmüşdü.
Eyni ilə həmin bu ifadəylə bir gün əvvəl akademik onunla klinikadakı otağında üzbəüz oturmuşdu, saman çöpündən yapışan tək, içi çıxılmazlıqlar dolu gözləriylə yaxasından asılmışdı… - arxa cərgələrin birində bir neçə qoca, eynəkli qarının arasında oturmuş professor səhnəyə baxa-baxa fikirləşirdi. - Akademikin ölümündə o da təqsirli idi və bundan sonrakı ömrünü bəlkə də artıq barmaqla sayılmış günlərini bu günah hissi ilə yaşamağa məhküm idi.
Salonun qabaq cərgələrində oturan bir neçə qadından və beş-on kişidən, onunla yanaşı oturub ciyərlərini xışıldada-xışıldada ağır-ağır nəfəs alan qarılardan, bir də cənazənin ətrafında fəxri qarovulda dayanmaqdan, hərəsi bir tərəfə əyilən və dayandıqca getdikcə, tabutda yatan akademikə oxşamağa başlayan, sinəsi ordenli qoca alimlərdən savayı heç kəs yox idi.
Salona gücləndirici ilə ötürülən həzin simfonik musiqiləri növbələndikcə, akademikin cəsədindən saçan formalinin iyi cərgələr boyu daha sürətlə yayılır, hardasa, professora ən yaxın məsafələrdə havadan asılıb qalır, onun onsuz da hüznlü əhvalını bir az da ağırlaşdırırdı.
Cərgələr getdikcə adamla dolurdu. Adamlar iki-bir, üç bir salona daxil olur, bəziləri qabaq cərgədə oturan qadınlarla görüşüb salonda yerlərini tutur, digərləri salona daxil olar-olmaz birbaş səhnəyə qalxır, əllərindəki gül dəstələrini ehtiramla cənazənin ətrafına düzüb aşağı enirdilər.
Professor səhnədə əlvan gül dağının altında uyuyan akdemikin sarımtıl əllərinə baxdıqca, bütün bu çııxılmazlıq dolu matəmin cənazədə uyuyan akademiklə bərabər, ona da aidiyyatı olduğunu necəsə, hiss eləyirdi. Əslinə qalanda, gül-çiçəklə bəzədilmiş təntənəli səhnənin tən ortasında saralan bu cansız vücudun özünün də elə bil dünən onunla üzbəüz oturub danışan və danışdıqca, gözləri dəqiqədə bir yaşaran akademikə elə bir aidiyyatı yox idi… - professor bığlarının uclarını çeynəyə-çeynəyə fikirləşdi. Akademik indi Allah billir, hardaydı…
Saatına baxdı. Dördə az qalırdı. On-on beş dəqiqədən sonra cənazə götürüləcəkdi.
Ayağa qalxıb ehmal addımlarla irəliyə keçdi, qabaq cərgədə oturan qara örtüklü qadınların arxasında əyləşib bir müddət də səhnəyə ordan baxdı.
Akademikin cəsədi yaxından baxanda, qətiyyən özünə oxşamırdı…
Bəlkə heç bu, o deyildi?!.. -- professor fikirləşdi və bu fikirdən içinə qəribə bir üzüntü çökdü…
Gül-çiçyəyin içində itib batmış cənazədə uyuyan akademik indi özündən çox, ömrü uzunu yüksək dövlət vəzifələrində çalışmış hansısa tanış məmuru andırırdı. Yoxsa bu, ona elə belə gəlirdi?..
Musiqi kəsildi. Birinci cərgədə oturanlar səhnəyə elə baxırdılar elə bil bu dəqiqə orda nə isə baş verəcəkdi…
Professor musiqi fasiləsindən istifadə edib irəliyə əyildi, qara örtüklü qadınların tən ortasında oturan yaşlı qadının qulağına mümkün qədər astadan:
- Allah rəhmət eləsin, axır qəminiz olsun. - dedisə də, qadından səs çıxmadı. Onun əvəzinə, yanında oturan o biri qadın geriyə qanrılıb yaşlı gözlərlə professora elə baxdı, elə bil indicə professordan nə isə biədəb bir söz eşitmişdi. Sonra üzündəki incik ifadəylə, başında qara tül örpək, o biri tərəfində oturmuş qadına işarəylə:
- Mərhumun yoldaşı budu. - dedi.
Akademikin yoldaşı orta yaşlı, yaraşıqlı bir qadın idi. Üzünün sivri cizgiləriylə bir qədər akademikin özünü də xatırladırdı. Professora sarı çönüb astaca:
- Sizi səsinizdən tanıdım. - dedi.
- Mən… - professor dedi və həmin dəqiqə də nə deyəcəyini unutdu. - Allah rəhmət eləsin, axır qəminiz olsun. - deyib geriyə söykəndisə də, nə deməli olduğunu xatırlayıb yenidən irəliyə dartındı. - Üzr istəyirəm, bilirəm yeri deyil, amma mən… - bu yerdə professor ətrafına baxıb, heç kəs eşitməsin deyə lap astadan - Biz sizinlə görüşməliyik. Mümkünsə, təcili. - deyə pıçıldadı.
- Mənimlə?.. - qadın geriyə çevrilmədən, harasa kənara pıçıldadı.
Professor yenə yan-yörəsinə baxdı:
- Xahiş edirəm.
- Axı indi…
Qabaq cərgədə oturan qara örtüklü qadınlar çönüb ikrahla professora, sonra akademikin arvadına baxdılar.
- Qulaq asın, əgər bu, belə bir müşkül məsələdirsə, istəyirsiz, elə burda danışaq. Bilirsiz, məsələ burasındadı ki… - bu məqam professor cənazədə mum rəngli bənizlə yatan akademikin qarnının üstə çarpazladığı əllərindən birini necəsə, tərpətdiyini, bu cansız, sarımtıl əlin kiməsə əl eləyən kimi, ehmalca qalxıb-endiyini öz gözləriylə gördü...
Özünü ələ alıb ətrafdakılara göz gəzdirdi.
Hamı bayaqkı hüznlü səbrlə səhnəyə zillənmişdilər. Professor bundan ürəklənib akademikin arvadının qulağına sarı əyildi mümkün dərəcədə astadan:
- Mənə həmin o əlyazma lazımdı. - deyə pıçıldadı. - Mümkünsə təcili.
Akademikin arvadı professorun son sözlərindən diksinən kimi oldu, çönüb kömür bəbəklərini professorun gözünün içinə zillədi və eynilə onun kimi astadan:
- O sizə əlyazma barədə nə isə deyib?.. - dedi.
- Bəli. - professor pıçıldadı. - Daha doğrusu, belə demək olar.
Bu sözdən sonra akademikin arvadı bütün bədəniylə professora sarı çöndü, başını professorun qulağına sarı əyib qəribə bir hüznlə:
- Təəssüf ki, bunu edə bilməyəcəyəm. - dedi.
- Niyə?.. Bəlkə siz düşünürsüz…
- Mən onu yandırmışam. - akademikin arvadının professoru axıra qədər dinləməyə səbri çatmadı. - Dünən. O keçınəndən sonra.
Akademikin arvadının bu sözündən sonra matəm musiqisi kəsildi və milli himn çalınmağa başladı.
Professor geriyə söykəndi və qulaqları uğuldaya-uğuldaya səhnəyə zilləndi.
Akademikin əli daha tərpənmirdi.
Getmək, çıxılmaz darısqallıqlar dolu bu havasız salonu təcili tərk etmək lazım idi. - professor ürəyi sıxıla-sıxıla fikirləşdi və bu fikirlə ayağa qalxıb paltosunun ətəkləri cərgələrin tinlərinə ilişə-ilişə salondan çıxdı.
Vestibül adamla dolu idi.
Ürəyi bulanırdı. Paltosunun cibindən çıxardığı yaylığı ağzına basıb birinci mərtəbəyə aparan yolun başındakı sütuna söykəndi.
Əlyazmanı olsun ki, akademikin arvadına yandırtmışdılar. İndi o neyləməliydi?.. - professor vestibüldə o baş-bu başa gəzişə-gəzişə asta-asta söhbətləşən adamlara baxa-baxa fikirləşirdi. - Kəfən alıb bədəninə sarımalı və yatağına girib boz gödəkçəli Ölüm elçisinin yolunu gözləməliydi?..
Qfildən dəli kimi bağırmaq, səsi gəldikcə ulayıb vestibülün səliqəli, akademik sakitliyini pozmaq istədi… pillələri asta-asta qalxan iki yüksək rütbəli hərbçi öz aralarında nə haqdasa astadan danışa-danışa salona daxil oldular.
Hamısı əsəb pozğunluğu və yorğunluqdu. - professor fikirləşdi. - Evə gedib sakitləşdirici həblər qəbul etmək və hava qaralanacan yatıb dincəlmək lazım idi.
Hərbçilərin salona daxil olmağından çox keçmədi ki, salonun ikilaylı qapıları taybatay açıldı, içəridən bir neçə nəfər vestibülə çıxdı və çox keçmədi ki, salonun adamboylu giriş qapılarında üstü atlas lentlər və güllərlə bəzədilmiş cənazə, ardınca əklillər və qalan camaat göründü.
Cənazə professorun lap yaxınlığından ötdü və professor ağır gül dağının altından köopə uşaq iniltisinə bənzər köməksiz səslə inildəyən akademikin:«Professor...» - deyən səsini elə bil öz qulaqlarıyla eşitdi.
Cənazənin ardınca ehmal addımlarla yeryən qara örtüklü qadınların acıqlı baxışları da hardansa, professorun lap yaxınlığından ötüb keçdi.
- Professor…
Akademikin arvadı idi, vestibülə dağılan adamların arasından narahat gözlərlə ona baxırdı…
***
Küçənin bir hissəsində maşınların hərəkəti dayandırılmışdı. Cənazə İstiqlaliyyət küçəsinin mərkəziylə - professorun bir neçə gün bundan əvvəlki yuxusunda bozgödəkçəlinin nəzarətinə düşdüyü küçənin tən ortasıyla harasa üzüyuxarı üzürdü…
Cənazədən yayılan formalinin iyi deyəsən akademikin arvadının saçlarına və paltarına hopmuşdu.
Qadın addımlarını bilərəkdən yavaşıtmışdı, indi onunla yanaşı addımlayırdı.
Olsun ki, bütün gecəni ərinin formalinlənmiş meyiti ilə bir otaqda keçirib. - professor addımlaya-addımlaya fıkirləşdi və özünü də belə gecələrin birində belə formalinlənmiş, cansız bədənlə kimsəsiz mənzilinin tən ortasına qoyulmuş tabutda gördü…
- Professor, - akademikin arvadı balaca əl sumkasını sınəsinə sıxıb xırda addımlarla yanaşı yeriyirdi. - siz heç demədiniz, əlyazma nəyinizə gərəkdi?..
- Mən sadəcə… - professor hiss elədi ki, bütün bu təntənədən, yuxularının davamını andıran bu qara bəbəkli qadından tezcə qurtulmaq istəyir. - onun son işini oxumaq istəyirdim. Daha doğrusu, bunu o özü istəyirdi.
- Amma mənə elə gəlir, - akademikin arvadı ovcunun içinə sıxdığı yaylığı nəzakət xətrinə burnunun ucuna toxundurdu, - siz məndən nə isə gizlədirsiz. O da son vaxtlar nə isə gizlədirdi məndən.
Professor cavab vermədi. Bunu lüzumsuz hesab etdi. Neçə həftənin yuxusuzluğundan keyiyib ağırlaşmış ayaqlarını ardınca zorla sürüyə-sürüyə fikirləşdi ki, hansı ağılla bura gəldi?..
- Başa düşürəm… - qadın gözlərini qıyıb indi də harasa uzaqlara baxırdı, - hər şey onun o son işindən sonra başladı. Bunu özü də deyirdi həmişə. Hər şey, o yazını yazmağa başlayandan başladı. Bədbəxtin yuxularına haram qatıldı.
«Yuxularına haram qatıldı…» - professor ürəyində bir neçə dəfə təkrar elədi. Görünür ki, yuxularına haram qatılan tək bir o və bədbəxt akademik deyilmiş. Bu barədə zərb-məsəl də varmış. - fikirləşdi və ayaq saxladı.
Akademikin arvadından yayılan formalinin iyi elə bil paltosunun dəri boyunluğuna hopmuşdu. Qadının üzünə baxmadan, nəzakətlə:
- Məni üzürlü hesab edin. - dedi - Dəfndə iştirak edə bilməyəcəyəm. İşə qayıtmalıyam. - və çönüb izdihamın əks istiqamətində üzüyuxarı - trolleybus dayanacağına sarı addımlamağa başladı.
- Professor!.. - akademikin arvadının səsi hardansa arxadan eşidildi. - Dayanın, görün bir nə deyirəm. - qadın hündür dabanlı ayaqqabılarının üstündə büdrəyə-büdrəyə, tələsik addımlarla ardınca gəldi, - Bu, onun qeyd kitabçasıdı… - deyə çantasından çıxardığı balaca qeyd kitabçasını professora uzatdı. - O, qeydlərini burda aparırdı. Bəlkə burdan bir şey anlayarsız.
Ayaq saxlayıb qadına sarı çöndü, nimdaş cildli sumağı kitabçanı əlinə alıb o üz-bu üzə çevirdi. Kitabçanın vərəqləri saralımış, çoxu dibindən qopmuşdu… köhnəliyi, ya nəyi iləsə onun yuxularını xatırladırdı. Elə bil həmin o yarıqaranlıq yuxudakı ağaclıqda bozgödəkçəli casusla süpürləşən an akademikin cibindən sürüşüb düşmüşdü…
- Son günlər elə ölümdən danışırdı... deyirdi «məni əlyazmamla basırdın». Mən-axmaqsa, elə bil ağlımı aldılar… - qadın qəhərləndi. - Bunu əlyazmanın yerinə tabutuna qoymaqdan ötrü götürdüm. - professorun vərəqlədiyi bloknotoa işarə ilə dedi. - Nə qədər olmasa…
Professor bloknotu vərəqləyə-vərəqləyə fikirləşdi ki, kitabçanı ona vermək - elə torpağa basdırmaq kimi bir şeydi.
- Professor, söz verin ki, mənə hər şeyi izah edəcəksiz.
- Söz verirəm. - professor bloknotu paltosunun döş cibinə basıb qadınla xudahafizləşdi, addımlarını yeyinlədib yolun o biri üzünə keçdi, arxada qoyduğu qadının narahat baxışlarını kürəyində hiss edə-edə küçənin qurtaracağıyla uzanan xiyabana sarı addımlamağa başladı.
Xiyabana çatanda, cənazənin ardınca uzanan izdihamın uğultusu artıq uzaqlardan eşidilirdi. Professor bağa aşağı girişindən daxil oldu, küknar ağaclarının arasıyla uzanan ensiz cığırla addımlayıb boş skamyalardan birinə əyləşdi, soyuqluğu sinəsinə yayılan bloknotu paltosunun döş cibindən çıxarıb açdı, hər iki üzü yarımçıq sözlər və cümlələrlə dolu yarıqopuq səhifələrini o üz-bu üzə çevirə-çevirə oxumağa başladı.
Sözlərin çoxu əski əlifbayla, ixtisarla yazıldığından oxunmurdu. Bəzi səhifələrdə hansısa qurğunun sxemini andıran kiçik sxemlər və işarələr cızılmış, əcayib xəritələri andıran cədvəllər çəkilmişdi... Ortada bir neçə boş səhifə saxlanılmış, ardınca gələn səhifələrdə qırıq sözlər və rəqəmlər yazılmışdı.
Eynəyini gözlərinə yaxınlaşdırıb sözlərdən bir neçəsini oxumağa çalışdı.
«…dərk olunmaz de…» ardınca yenə yarımçıq yazıldığından, anlaşılmayan sözlər, qövsvari xətlər, kubşəkilli, rombvari fiqurlar və oxlar gəlirdi…
«…Ondan olan bir ruhdur… » burda cümlə qırılırdı və xırda rəqəmlərə oxşar əcayib işarələr gəlirdi. Bir neçə səhifədən sonra: «naqis…» sözü oxunurdu. Səhifənin kənarında yanbayan iki nida işarəsi qoyulmuş, ardınca güclə oxunacaq pozuq xəttlə «ruh - bədən… ruh - şüur… bağı…lar» sözləri yazılmışdı.
Professor «bağı…lar» kimi oxunan son sözü heç cür oxuya bilmədi.
«Barmaqlar», yoxsa «bağbanlar», yoxsa… «Bağırsaqlar». Özüdü ki, var: bağırsaqlar. - professor dönə-dönə höccələdi: «ruh - şüur və bağırsaqlar.» Şüur və bağırsaqlar?.. Bu nə demək idi?!.. Sonra ardını oxudu:«vəhdət köləliyi…» - fikir qırılırdı, sonra: «O-nun kö-ləsi… heç vaxt azad… etmə…»
«Azad etməyəcək» - professor yarımçıq fikirləri sıraya düzüb bir neçə dəfə ürəyində təkrar elədi, sonra o biri səhifələrin bir neçəsini o üz-bü üzə çevirib son cümləni bir də oxudu və dumanlı da olsa, nə isə anladı.
Bəlkə də… Bəlkə yox, həqıqət bu idi ki, insan azad deyil. - professor fikirləşdi və bu fikirdən, nədənsə bədənində qəribə bir soyuqluğun gəzişdiyini duydu. - Hətta yuxularında belə.
Akademikin qənaətləri bu idi: insanın hissləri və bağırsaqları. Buna acı istehzadan savayı, ayrı nə ad vermək olardı?.. - professor fikirləşdi və başını qaldırıb, getdikcə qaralan göyə baxdı.
Üzbəüz ağaclığın sıxlığından ona dikilən cüt gözün işıltısından bədəni gizildədi… Yoxsa, bu, ona elə gəldi?!..
Bloknotun içindən yerə səpilmiş qopuq səhifələrdən birinin üstündə ilbizvari, əcayib böcək oturmuşdu, balaca, kor başıyla aşağıdan-yuxarı ona zillənmişdi…
Cərəyan vurmuş kimi ayağa sıçradı… bloknotu əlindən yerə saldı…
Ağacların arasıyla sirli axıntılarla axıb ac canavar ulartısıyla skamyanın ətrafına dolanan külək qopuq səhifələri havaya qaldırıb bağın içinə dağıtdı… Xırda, sarı vərəqciklər - akademikin artıq ölü beyninin son izləri küləyin içiylə burula-burula, bağın dörd bir yanına uçdu… Professor səhifələrdən bir-ikisini havada tutdusa da, çoxunun uçub gizləndiyi qaranlıq ağaclığa girməyə ürək eləmədi.
Hava nə vaxtsa elə bil qəfildən qaralmışdı… həm də soyumuşdu.
Paltosunun yaxalığını qaldırıb oğrun-oğrun ətrafına baxdı.
Bağ sirli qaranlığın içinə çökməkdəydi...
İllər uzunu yolu düşdüyü bu məhəllədə belə bir bağın olduğunu bu vaxtacan bilmədiyi birdən-birə professora qəribə gəldi. Odu ki, ayağa qalxıb onu xiyabanın tam mərkəzinə gətirən küknarlığa sarı addımladı.
Qəribə olan bir də bu idi ki, axşamın düşməyinə baxmayaraq, bayaqdannan bəri buralara ondan savayı bir kəs ayaq basmamışdı. - professor fikirləşib qəfildən öz-özünə vahimələndi. - Yoxsa, bu xiyaban ümumiyytlə xiyaban deyildi, tək bir onun daxil ola bildiyi sirli yuxu məkanının davamı, ya əvvəliydi?!..
Hava qaraldıqca, ağacların xışıltısı böyüyür… professorun yadına, bu gecəki yuxusunu, eynilə bu xışıltının içində boğula-boğula xırıldayan akademikin qətlini salırdı...
Küknarlığa çatıb bayaq gəldiyi yolla bağın girişinə tərəf addımladısa da, girişə çata bilmədi. Girişə aparmalı olan qısa, çınqıllı yol onu iri gövdəli qovaq ağaclarının sıralandığı ayrı bir xiyabana saldı… Bura dəniz dibinin yaşıllıqlarını andıran əcayib bitkilərlə dolu idi… külək də, qəribəydi ki, burda tamam ayrı cür əsirdi. Ağacların budaqlarını tərpətmədən, hardasa aşağılarda uğuldayırdı.
Professor ayaq saxladı, bir müddət qovaqların arasıyla harasa qaranlıqlara uzanan yolun tən ortasında dayanıb dura-dura, dörd bir yandan sirli duman kimi axmağa başlayan uğultuya qulaq asdı… Bura hara idi?..
Bir qədərdən sonra professor xiyabana daxil olduğu qısa yolu axtara-axtara ağacların səmti ilə geriyə addımlayırdı…
Gıriş hardasa, bu tərəflərdə olmalıydı. Çünki yaxşı yadındaydı ki, xiyabana daxil olduqdan sonra bir o qədər də dərinə getməmişdi, daha doğrusu, buna hövsələsi çatmamışdı, müəyyən məsafəni qət etdikdən sonra özünü yaxınlıqdakı skamyalardan birinə salmışdı…
Professor bir qədər də addımlayıb girişi bağın ayrı səmtlərində axtardısa da, girişin bənzərinə oxşar yerdən əlamət tapa bilmədi. Xiyabanın içinə aparan sütunlu giriş necəsə, yoxa çıxmışdı… Yoxsa, girişi bağın dörd bir yanı çökmüş bu sirli qaranlıq yoxa çıxarmışdı?..
…Külək, getdikcə bərkiyirdi. Professor xiyabanın mərkəzi hissəsinə qayıdıb ayaqlarının yaddaşıyla bura ha tərəfdən, bağın hansı səmtindən daxil olduğunu yadına salmağa çalışdısa da, yadına, əski bloknotun qopuq səhifələrində gördüyü bir neçə əcayib işarədən savayı heç nə düşmədi…
Sonra nə oldusa, professor qəfildən anladı… Xiyaban - zülmət qaranlığın içində bitmiş çıxışsız, girişsiz ada idi… Sonra necəsə qəfildən, hardansa yaxınlıqdan, professorun qulağına trolleybus siqnalını andıran qəribə səslər, adda-budda maşın uğultusu dəydi…
Addımlarını yeyinlədib səs gələn tərəfə getdi və yarı yolda dəhşət içində donub qaldı…
…Qarşıda yenə həmin sıx qovaq ağacları idi... küləyin müqaviməti altında sirli-sirli yellənib xışıldayırdılar…
Gözləri vahimədən qarala-qarala ətrafına baxdı.
Bağın dörd bir yanı, həmin eyni biçimli sıx qovaq ağacları idi…
Yaxın küçələrdən güllə vıyıltısıyla ötüşən maşın kortejinin səsi eşidilirdi. Ruporda kiminsə qalın tembrli səsi həyəcanla:
- Yolları boşaldın!.. Yol verin!.. Yol verin!.. - deyirdi.
III FƏSİL
«Hökmdarların qəlbi oxunmur…»
Bibliya, Solomonun hekayətləri XXV fəsil, 3-cü bölmə.
- Allahum məsəlli əla Mühəmmədin və Ali Mühəmməd. Lillahi həmd… Allahu Əkbər kəbirə…
…Dizi üstə düşüb namazın divarlar boyu əks-səda verən duaları altında səcdəyə getdi, duanın sözlərini deyib dikəldi, sonra bir də təzim elədi və dizi üstə düşüb alnını döşəməyə qoydu.
Xalçadan qaxsımış yağ iyi gəlirdi…
- Sübhan Allah!.. Sübhan Allah!.. Sübhan Allah!..
Hamıyla bir ayağa qalxdı, gözünün yanıyla sağ tərəfində dayanıb duanın sözlərini ağzının içində deyə-deyə, harasa tavana zillənən hərbi nazirin uşaq üzünə bənzər kök, tüksüz sifətinə zilləndi.
Nazirin gözləri qayğılı, üzünün əzələləri gərgin idi.
Fikirləşdi ki, qəribədi, illər ötdükcə, hamı yaşa dolub qırış atdıqca, bu uşaq üzlü nazir ildən-ilə elə bil gəncləşir, gözləri durulur, üzü aydınlaşır, təmənnasız təbəssümü üzünü körpə üzünə bənzədir. Nazir bütün bu illəri ona sadiq qala-qala, uzaqdan-yaxından irili-xırdalı əmrlərinə tabe olub hüzurunda müntəzir dura-dura, həm də sən demə, altdan-altdan gəncləşirmiş… Nazirin bu gəncləşməyində onun əleyhinə yönələn fitnəkar qoxulu nə isə vardı elə bil...
Şeyx sol tərəfində, həmişəki kimi, qəsdən bir addım qabaqda dayanmışdı ki, onu namazın müntəzir icrasında görməsin. Şeyxdən bir addım arxada, balaca, cansız başı, oyuncaq əllərinə oxşar bükülməyən qolllarıyla əyilib-qalxan daxili işlər nazirinin ifadəsiz üzü, tükdən çox, qara mərmərdən papağa oxşar şəvə saçları, başının, oyuncaqvari, yalançı hərəkətləri namazın rəvan ahəngiylə heç cür düz gəlmirdi.
Fikirləşdi ki, nazirin namazı daha çox təxirəsalınmaz gizli hərbi tapşırığın icrasını andırır və bu fikirdən içindən ani gülüş keçdisə də, özünü toparlayıb gülüşü üzünə buraxmadı.
- Qulhu vallahu əhəd, Allahu saməd, ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd. Sübhan Allah…
Yenə hamıyla bir dizi üstə düşüb alnını döşəməyə söykədi və fikirləşdi ki, bəndələrini gündə beş dəfə dizi üstə çökdürmək, köləliyini yadına sala-sala, başını döşəməyə vurdurmaq Allahın nəyinə gərəkdi görən?.. Bəlkə Allah bundan güc alır?.. Bəlkə Allah elə bundan güc alır?..
Dikəlib əllərini açdı, duanın sözlərini ağzının içində dedi.
Arxada onunla bir dizi üstə oturub dua oxuyanların bütün diqqəti onda idi, bilirdi. Odu ki, bütün hərəkətləri dəqiqliyinə qədər düzgün eləməyə çalışırdı.
Arxada, hamıdan qabaqda baş nazir dayanmışdı. Son illərin hadisələrindən sonra gərginlik və qorxudan böyüyüb daha kiçilmək bilməyən iri, qara bəbəklərini bu dəqiqə onun peysərinə zilləmişdi. Son vaxtlar baş nazirin bu şəvə bəbəkləri hara zillənirdisə, oralara kölgə salırdı.
- …və əla ali Seyyidi Mühəmməd və əla Əshahi Seyyidinə Mühəmməd… və əla Ənsari Seyyidinə Mühəmməd…
Sözsüz ki, baş nazirə hələ onun ölümü lazım deyildi… - fikirləşdi. - Nə baş nazirə, nə də böyür-başında dayanan o biri «sadiq» nazirlərə. O səbəbdən ki, onun yoxluğu bu dəqiqə arxasında yetim üzlərlə daynaıb xoşbəxt həyəcanla namaz qılan bu məmurlar tayfasının həyatında xoşagəlməz dəyişikliklərə səbəb ola bilərdi, onları, durğun gölün üzünə yığışan qurd-quşu dağıdan kimi, bircə həmləyə qovub dağıdardı.
…Arxada kimsə öskürdü. Elə bil beynindən keçənlər arxada dayananlardan hansınınsa boğazında qaldı.
Gölün özü də şübhəli vəziyyətdə idi… - təzim edə-edə fikirləşdi.
Yox, onun ölümü bu dəqiqə heç kimə lazım deyildi. Qocalmağı isə lazım idi.
Növbəti ayənin icrasıyla hamıyla bir ayağa qalxıb salavat çevirdi.
…Hə, qocalıb zəifləməyi bu dəqiqə hamıya hava və su kimi lazım idi. Odu ki, arxasında əyilib qalxa-qalxa dua oxuyanların neştər gözləriylə kürək əzələlərinin vəziyyətini güdürdülər, qocalığından xəbər verəcək ləngimələrini və büdrəməlrini altdan-altdan izləyir, xırdaca ləngiməni, ya büdrəməni, susuz balıq su damlasını dərisiylə içən tək, acgöz-acgöz canlarına çəkirdilər. Olsun ki, bu tədbirli böcəklərin canlarındakı xofu bircə qocalmağı əridirdi…
Həm də qəribə burasıydı ki, bu şüursuz sürünün hər üzvü onunla təmasda səbəbi özlərinə də məlum olmayan lal bir təhlükə hiss edirdilərsə də, həm də necəsə, onsuz bacarmırdılar.
- La İlahə İlləllahu və Həzəmən Əhdə ba Vəhdət. La İlahə İlləlahu və la nabdü.
Hamıyla bir dizi üstə oturdu.
Şeyxin kök budları ona dizi üstə oturmağa mane olurdu… Baldırlarının piyi dizlərinin arxa büküşlərinə dolub bədənini dabanlarının üstünə salmağa imkan vermir, onu oturduğu yerdə laxladıb böyrü üstə yıxmağa cəhd edirdisə də, tədbirli Şeyx ehtiyatı əldən vermir, bədəninin olan-qalan qüvvəsini toplayıb tarazlığını mümkün sərrastlıqla saxlayırdı.
Ürəyi sıxıldı...
O bu adamlara onların öz rahatlıqlarına görə, balaca canlarının, canlarından da əziz əmlaklarının toxunulmazlığı naminə lazım idi… Bunu özləri də utanmadan, açıqca deyirdilər: «Bu ölkəni müharibənin cəngindən qurtarsanız, siz qurtaracaqsınız! Aclığın qarşısını alsanız, siz alacaqsınız!.. Balalarımızın taleyi sizin əlinizdədi. Yiyə durun bizə…»
Alnını döşəməyə söykəyib fikirləşdi ki, min bir nəfəs qoxuyan bu tünlüyün içində bu şüursuz böcəklərlə yanaşı oturmağı onun alın yazısıdırmı?..
Bu havasız məscid, bu tünd sumağı butalar, iniltili azan səsi, sözləri heç cür dilinə yatmayan anlaşılmaz ərəb duaları hər şey - hər şey ona yaddı…
…Arxada kimsə dalbadal üç dəfə asqırdı, sonra fınxırıb burnunu açarı buran kimi burub bağladı.
Məscidin xırda, zərli naxışlarla işlənmiş dar nəfəslikli tavanına baxdı…
Tavan üzüyuxarı qalxdıqca daralırdı və bu daralmanın özü məsçidin içinə qəribə bir darısqallıq ovqatı çökdürürdü elə bil. Yoxsa, onun ürəyi sıxılırdı?..
Dikəlib oturdu, əllərini kitab oxuyurmuş kimi, sinəsinin qarşısında cütləyib duanın sözlərini deyə-deyə fikirləşdi ki, indi bu qorxaq böcəklərlə bir bu darısqallıq qoxulu yerdə namaz qılmasaydı belə, bir şəhərdə onlarla bir yaşamalı, əvvəl-axır torpağa da onlarla bir gömülməlidi.
Ayağa qalxıb təzim etdi və torpaqda onunla yanaşı yatacaq adamlar haqqında fikirləşdi.
Torpaqda onunla yanaşı olsun ki, ömürlərini, öz səthi anlayışlarında qurduqları cılız dünyalarını ucuz naxışlı sözlərlə təsvir etməyə həsr etmiş yazıçıları, ya da öz köləgələrindən qorxan, bacarıqsız dövlət xadimlərini basdıracaqdılar.
Bu fikirdən burnuna Fəxri xiyabanın dörd bir yanında, qəbirlərin böyür-başında, ölü sümüklərinin toxumalarından şirələnib saralan xırda, sarı ləçəkli çiçəklərin zəhər qoxulu acı ətri dəydi…
Namaz sona yetdi. Ardıcıl səcdələrdən pörtüb tərləmiş Şeyx altı kölgəli gözləri ilə yaxına gəldi, qısa qollarını ona sarı uzadıb əlini, kök əllərinin içində yumşaq-yumşaq sıxdı, arada elə bil əyilib öpmək də istədi:
- Böyük savabdı. Cümə axşamı şəhidlərin ruhuna dua oxumaq böyük savabdı. - Şeyx kök dilini ağzının içində zorla hərlədi. - Bu gün, bu əziz gündə bura təşrif buyurmağınız, qiymətli vaxtınızdan ayırıb…
…Şeyxin əlləri tərli idi… onun əlini ətli əllərinin içində saxlayıb buraxmaq bilmirdi və get-gedə daha məhəbbətlə sıxırdı, sıxdıqca gözləri parıldayırdı.
Əlini Şeyxin əlindən bir təhər sivirib çıxartdı, məscidin hündür hasarlarına dırmaşıb qapılarından asılıb dəli gözlərlə hərəkətlərini izləyən adamları əliylə salamlaya-salamlaya, kameraların və qıvraq mühafizəçilərin müşayiəti altında məsciddən çıxdı, məscidin həyətinə onun tamaşasına yığılan camaata da əl edib pillələri endi, küçənin orta hissəsini tutmuş qara kortejin arasında yolunu gözləyən maşına mindi və kortej darısqal küçələrin izdihamını aramla yara-yara irəliləyib tini buruldu, üzüaşağı enib geniş prospektə çıxdı və sürətini artırdı.
- Yolları boşaldın!.. Yolları boşaldın!.. - hardansa, qarşı tərəfdən ruporun səsi eşidildi.
- Birbaşamı gedirik, cənab general?.. - qabaq oturacağa yanpörtü qısılmış köməkçi geriyə çönmədən, yolun sağ cinahına baxa-baxa dedi.
- Birbaşa. - astaca dedi və sol tərəfində gərginlikdən ağarmış bəniziylə əyləşmiş nəhəng gövdəli, cavan cangüdənin üzünə zilləndi.
Cangüdəndən yenə qatı odekolon iyi gəlirdi.
Düyməni basıb pəncərənin şüşəsini endirdi. Fikirləşdi ki, niyə hər dəfə məsciddən çıxandan sonra bir müddət ürəyi bulanır?.. Bu ürəkbulanma məscidin illərlə üzü gün görməyən nimdaş xalçalarının iyindəndi, yoxsa Şeyxin ətli əllərinin tərindən?..
Əlini iylədi. Əlindən Şeyxin iyi gəlirdi...
Cangüdən cibindən ətirli salfet çıxarıb onun əllərini sildi.
Qəribədi ki, son vaxtlar qoxular ona necəsə ayrı cür təsir eləyir. Bədənində zəhərlənmə gedir, nədi?..
Bu fikirdən içindən soyuq cərəyanı andıran xoşagəlməz gizilti keçdi, əlləri soyudu. Əllərini ovuşdurub son zamanlar yediyi ayrı-ayrı yeməklərin dadını, vətənə qayıdandan bəri baş nazirin təqdimatıyla işə qəbul etdiyi alçaqboy aşpazın, qadın gülümsəməsini andıran şit təbəssümünü yadına saldı. Yox, bu, yemək zəhərlənməsinin ürəkbulanması deyildi.
…Səkilər adamla dolu idi. Adamlar maşının pəncərələrinə zillənsələr də, günkeçirməz şüşələrindən onu görmürdülər, küləyə, çiskinə məhəl qoymadan, nə isə qışqırışa-qışqırışa kortejə əl eləyirdilər…
Qəfildən səkilər boyu sıralanmış insan üzləri ona tanış gəldi… uzaq uşaqlıq illərini, kəndin dar məhəllələrində ənzəli oynayıb bellərinə atıldığı uşaqların üzlərini xatırlatdı... Sonra o uşaqlardan da, oyunlardan da necəsə, birdən-birə bezməyini, kəndin eniş-yoxuşlu yollarında sıxılıb darıxan ürəyini xatırladı...
Fikirləşdi ki, qəribədi, o illər uşaq oyunlarından, elə uşaqların özündən də soyudu, amma böyüklərə də isinişmədi… Yalquzaq tənhalıq yolunu seçdi. Yox, yalquzaqlıq sonra başladı. - fikirləşdi. - O institutu bitirib Dövlət Təhlükəsizlik Komitəsində işə başladığı dövrlər… Ən yaxın, etibarlı adamlarını bir-biri itirdiyi həmin qorxunc dövrlər…
Köməkçi geriyə çönüb hürkmüş üzüylə:
- Sizi külək vurmur?.. - dedi, sonra çönüb bayaqkı vəziyyətində oturdu.
Köməkçi səliqəli saç düzümü, ağ, nişastalı boyunluğu ilə uşaq vaxtı müharibə filmlərində gördüyü xain obrazlarını xatırladırdı…
Sonra qəfildən elə həmin illərdə doğulub böyüdüyü doğma yerlərində, ən yaxın doğmalarının, qohum-əqrəbasının arasında belə artıq özünü yolunu azıb səhvən kəndin içinə - adamların tələsinə düşmüş tənha yalquzaq kimi hiss elədiyini xatırladı... Sonra bu mübhəm tənhalığı, bu anlaşılmaz, izaholunmaz yalquzaqlığı ömrünün bütün qalan hissəsi - çılğınlıq və sevgi dolu gənclik illəri və ondan çox-çox sonralar da - o, müxtəlif dövlət vəzifələrində işlədiyi dövrlər də, ətrafındakılarla qurduğu saxta doğmalıq münasibətləri içində əridib gizlədiyini xatırladı...
Bu nə bədbəxtlik idi?.. Axı ulu babalarından üzü bu yana bütün nəsli həmin o yerlərdə, həmin o adamların arasında öz əziyyətli kasıbçılıq talelərindən qane ola-ola, xoşbəxt, dinc kəndli ömürlərini yaşamışdılar?!.. Bəs o niyə yaşaya bilmədi?.. Hansı ulduz altında dünyaya gəlmişdi axı?!..
Bu barədə həm də elə bil nə isə bilirdi. Hansı ulduz altında dünyaya gəldiyini də, o ulduzun rəngini də. Elə bil o ulduzda olmuşdu da…
- …bir də Sadıqov. - köməkçi sözünü bitirdi və çönüb onun üzünə zilləndi. Köməkçinin üzünün miskin köməksizlik ifadəsi dəyişməmişdi.
- Sadıqov sonraya qalsın. İndi heç cür imkan yoxdu. O birini də keçir gələn həftəyə. Denən, hələ baxa bilməmişəm.
- Bir də çıxış edənlər məsələsi.
- Ölənlərin bir-iki qohumuna söz verərlər. Elə bilirəm, bəs edər.
Saatına baxdı. On birə işləyirdi.
Cangüdən də qolunu çirmələyib saatına baxdı.
Cangüdən hansısa gözəgörünməz tellərlə ona bağlı idi. O yatanda yatırdı, duranda dururdu, vaxtı da onunla bir izləyirdi. Dəfələrlə kiminsə naqolay hərəkətindən, qəfil baxışından, ya şübhəli tərpənişindən, onunla bir bu cavan cangüdənin də içində yaranan qoruyucu titrəyişi hiss eləmişdi... Son günlərin hansı hadisəsindənsə sonra cangüdənin canına hopmuş titrətmə elə bil ani də olsa, onu rahat buraxmırdı. Olsun ki, bu titrətmə ona cani dildən bağlanmış bu sayıq cangüdənin adi halına çevrilmişdi.
Gözaltı cangüdənin bir tərəfi görünən üzünə baxdı.
Paytaxta gəldiyi ilk günlərdən işə götürdüyü bu cavan adam həmin o isti xatirələr və doğmalıqlar dolu uzaq kənddən, uzaq qohumlarından idi. Otuz yaşına yenicə qədəm qoymasına baxmayaraq, işə başladığı bu son bir neçə ayın içində elə bil on il yaşlanmışdı. Yanaqlarının çəhrayılığı solmuş, gözlərinin altında dərin çuxurlar çökmüşdü.
Hamısı son ayların gərginliyinin, hər dəqiqəsi ölüm və sui-qəsd qoxuyan təhlükəli görüşlərin, sayı gün-gündən artan duzsuz mərasimlər zamanı yaşanan məsuliyyət dolu gərginliklərin nəticəsiydi. - fikirləşdi. - Olsun ki, sayıq cangüdən onun son vaxtlar gördüyü, sirli təhlükə saçan yuxularını da görürdü.
Gözünün ucuyla cangüdəni bir də nəzərdən keçirdi.
Cangüdən yorğun gözlərini pəncərəyə zilləsə də, fikrinin onda olduğu bilinirdi.
Yox, cangüdən onun gördüyü yuxuları görmürdü. Görsəydi, bunu o həmin an, elə yuxuda hiss eləyərdi. Ona aid olan və ola biləcək hər bir şeyi hiss elədiyi kimi… Paytaxtdan uzaq hərbi kazarmada nə baş verəcəyini, baş verəcək o taleyüklü faciənin nə ilə nəticələnəcəyini hələ bir neçə ay əvvəl paytaxtdan uzaq şəhərdəki tənha evində hiss etdiyi kimi…
Həmin o sehrli məqamı - paytaxtdan çox-çox uzaq, zirvəsi qarlı dağların yaşıl ətəyinə yayılan balaca əyalət şəhərində yaşadığı miskin tənhalıq dolu günlərin birində yuxudan səhərin ala-toranında oyanıb sübhün səssizliyinə diqqət kəsildiyi yerdə qəfildən gözəgörünməz, nəhəng çarxabənzər nəyinsə hərəkətə gəlib işə düşdüyünü, hansısa dumanlı uzaqlıqlardan ilğım çəkisizliyiylə gizli-gizli ona sarı sürünməyə başlayan Nəyinsə yaxınlığından az qala bayıldığı həmin o taleyüklü, unudulmaz məqamı xatırladı… Bağlı pəncərələrin çərçivələrindən içəri sızmağa başlayan havanın qəfildən soyumağı, qonşu evin radiosunda çalınan milli himni izaholunmaz əzəmətlə çaldıran həmin o qəribə məqam yenə yadına düşdü… qarşıda təntənəli, nizamlı ordu kimi irəliləyən bütün olacaqları elə orda - həmin o balaca, kimsəsi evində, yorğan-döşəyinin içində uzandığı yerdə gördüyü, ürəyi, qapını döyən kimi, sinəsini döyüb çölə atılmaq istədiyi möhtəşəm anı xatırladı…
…Maşınlar dayandı. Köməkçi becid sıçrayışla maşından düşüb onun tərəfdən qapını açdı.
Maşından enib dağın gül-çiçək qoxuyan saf havasını ciyərlərinə çəkdi, əlini gözünün üstünə qoyub zirvəyə zilləndi… çəkmələrini çıxarıb cangüdənin səliqəylə cütlədiyi uzunboğazları geyinə-geyinə:
- Burda gərək ki, cığır olmalıydı... - dedi və ayaqları kol-kosa ilişə-ilişə, dağın döşü ilə üzüyuxarı qalxmağa başladı.
- Çoxdandı gəlmirik, cənab general, cığırı ot basıb ola bilsin.
Köməkçinin səsi hardansa, arxadan gəlirdi, ardınca tez-tez qalxdığından, nəfəsi təngiyirdi.
Fikirləşdi ki, bu uşaq hardan bilir ki, buralara çoxdan gəlmir?.. Sonra bura axırıncı dəfə nə vaxt gəldiyini yadına salmağa çalışdısa da, qəribədi ki, yadına heç nə düşmədi. Yaddaşı bulanıq xatirələrlə dolu idi...
Dikdiri yarıyacan qalxıb dayandı, geriyə çönüb yuxarıdan-aşağı dağın ətəyi boyu tövşüyə-tövşüyə, pörtüb tərləyə-tərləyə ardınca yuxarı dırmaşan yöndəmsiz əshabələrinə baxdı. Tövşüyüb tərləməyən bircə özü idi.
…Zirvəyə çatar-çatmaz dikdirdən eşidilən daşyonan dəzgahların səsindən ürəyi çırpındı... Məqbərənin möhtəşəm sütunlarını yonan dəzgahlar uğuldayır, bənnalar iç hissəni hörür, bir ucdan tikintiyə qum və çınqıl daşınırdı…
Məqbərənin tikintisi başa çatsaydı, rahatlanardı. Burda, bu balaca, ilıq küləkli məmləkətdə, bu vecsiz adamların arasında - yekə böcəklərin, kök ilbizlərin içində yaşamaq və ölmək sıxıntısı olsun ki, bir qədər sovuşardı.
…Nazirlər dikdirə çatıb tikilinin ətrafına yığışmışdılar, nəfəsləri təngiyə-təngiyə torpağa tirlənən nəhəng, mərmər piltələrə, sütunlara baxa-baxa öz aralarında nə isə danışırdılar...
…Məqbərənin hələ suvanmaqda olan geniş salonuna daxil olub tən ortada yerləşdirilmiş tunc pyedestala sarı addımladı.
Pyedestal hardansa yuxarıdan süzülən gün şüuası zolağının altında nəhəng büllur külqabı kimi par-par parıldayırdı…
Şəhər bələdiyyəsinin rəisi qəfildən böyründə peyda oldu, Məqbərənin naxışlı döşəməsinə işarə ilə:
- Su çıxırdı, cənab general, iş çoxusu elə buna görə uzandı. - dedi.
- Su?.. Burda?.. Bu yüksəklikdə?.. Qəribədi…
- Təsəvvür edin. Olsun ki, yeraltı çaylardan hansınınsa yolu bu hündürlükdən keçir. Ya da ola bilər, bura nəhəng bulağın çökəyidi.
Rəislə danışmağa hövsələsi çatmadı:
- İndi neyləmək fikrindəsiz?..
-Pyedestalın yerini dəyişdik. Fundamenti atmazdan, yeri iki yüz metrəyəcən qazdırdım ki, tam arxayınçılıq olsun.
Rəis elə danışırdı, elə bil söhbət nə vaxtsa, onun cansız bədəninin saxlanacağı hüznlü Məqbərədən yox, bu yaxınlarda xoşbəxt sakinlərə təhvil veriləcək yaşayış binasından gedirdi.
- İndi necə, arxayınçılıqdı?..
- Bəli, cənab general. - rəis dedi və nazlı təbəssümlə gülümsünə-gülümsünə qızardı.
- Arxayınçılıqdı demək… - dedi və rəisin gözlərinin içinə baxdı.
Rəisin qoyun gözlərini andıran xırda gözlərinin dərinliyində yenicə çırtlamaq istəyən sevinc işartısı onun qəfil baxışından, ya nədənsə, həmin andaca yoxa çıxdı, bəbəkləri kiçilib cansız nöqtələrə döndü…
- Mən… - rəis mıqqıldayıb susdu, elə bil qalan sözlər yadından çıxdı.
Məqbərədə ikisi idilər… Fəhlələr alətlərini yerə qoyub harasa çıxmışdılar. Danışdıqca, səsləri Məqbərənin çılpaq divarlarına dəyib əks-səda verirdi.
Rəis dinmirdi, burun pərələri xırda-xırda titrəyə-titrəyə, niyəsə onun hülqumuna baxırdı, arxasında cütlədiyi kök əlləri bir-birini didişdirirdi.
- Sənnənəm, üzümə niyə baxırsan?.. De də…
Rəis tələyə düşmüş kimi yerində vurnuxdu, peşman köməksizliklə çiyinlərini çəkib yazıq səslə:
- Nə deyim?.. - dedi.
- Bayaq dediyini.
- Nəyi?.. - rəisin səsi əsdi.
- Denən, «meyitinizi su aparmayacağından daha tam arxayınıq, indi rahat ölə bilərsiz.» - çöldəkilər eşitməsin deyə astaca dedi.
- Mən… - rəisin üzü onun bu sözündən yığılıb kiçildi, ağzı büzülüb nazildi.
- Hə, nədi?.. Bəlkə arxayın deyilsən?.. - dedi və içi qıcıq dolu ləzzətlə rəisin rəngi qaçmış üzünə zilləndi.
- Arxayınam, niyə ki, arxayınam. - rəis təşvişlə dedi.
- Onda de.
Rəis başını aşağı saldı, əllərini arxasında cütlədi, ayaqlarını, cəzasını almış uşaq kimi, növbə ilə götürüb qoya-qoya səssizcə ağladı.
Çöldən ayaq səsləri eşidildi... Hövsələsi daraldı:
- Di qurtar.
Rəis ağlayırdı... Kök, qısa ayaqlarını nizamlaya bilmir, şüursuz hərəkətlərlə gah gözlərinin yaşını, gah da alnının tərini silirdi…
- De.
- Meyitinizin… - rəis boğula-boğula deyib susdu, ardını gətirə bilmədi, sonra dodaqları, körpə dodağı kimi büzülüb yığıldı, qəfildən qarşısında dizi üstə düşüb gözləri hədəqəsindən çıxa-çıxa:
- Keçin günahımdan, əla həzrətləri… - deyib ayaqlarına sarılmaq istədisə də, geriyə çəkildi.
Rəisdən palçıq iyi gəlirdi… o geriyə çəkildikcə, dizin-dizin qabağına süründü:
- Mən sizi sevirəm… Əfv edin əla həzrətləri… Zat aliləri, əfv edin!.. - deyib başını, namaz qılan tək, yerə qoydu, çiyinləri əsə-əsə hönkürdü.
- Ayağa qalx! - çöldəkilər eşitməsin deyə, astadan bağırdı. - Qalx, deyirəm sənə, axmağın biri axmaq, gələn olar.
Rəis onu eşitmədi, kök budları bir-birinə sürtülüb onu yerində laxlada-laxlada ona tərəf süründü:
- Məni onlar yoldan çıxartdılar, cənab general! Ağlımı oğurladılar… Mən sizi sevirəm!.. Axı sizdən savayı kimi sevə bilərəm?!.. Əfv edin!..
Əsəbilikdən, ya canına qara duman kimi çbkən acı nifrətdən ağzına zəhər tamlı acılıq gəldi… Gözlərindən xainlik yağan bu miskin icraçını, sulu böcəyi əzən tək, tapdayıb əzməyi gəldi…
- Özün necə bilirsən, əfvə layiqsən?..
Rəisin başı hələ də yerdəydi, çiyinləri titrəyə-titrəyə hönkürməyinə davam edirdi… Yoxsa, o gülürdü?..
Bir də onu gördü ki, əlləri rəisin xirtdəyinə keçib… barmaqları, ovunu havadan qamarlayan qartal caynağı tək, ətli boğaza sarılıb gücü gəldikcə onu sıxır… Sıxdıqca, rəisin piyli buxağının qəribə yumşaqlıqla nazilməsindən, dəyirmi sifətinin şişib üfürlənməsindən, qaralmış dilini zorla hərlədə-hərlədə:
- Səksən yeddi… səksən yeddi… - deyə-deyə xırıldamasından dəhşətə gəldi… əlini geriyə çəkdisə də, rəis özünə gəlmədi, üzüqoyulu döşəməyə sərilib, nəfəsi boğazının yolunda çalxalana-çalxalana xırıldadı və susdu…
…Dik atıldı…
- Deyirəm, şəhərdən saysaq, təxminən səksən yeddi kilometrdən çox olmaz… - sürücü cangüdənlə qabaq güzgüdən danışırdı.
Ürəyi sıxılırdı…
Demək yuxulamışdı. Amma həm də elə bil bu sürücü də orda - yuxuda, hardasa yaxınında idi… sükanın arxasında beləcə otura-otura, bütün olanlara necəsə, şahidlik eləyirdiı...
Özünü dikəldib saatına baxdı.
Cəmi səkkiz dəqiqə…
Yuxunun zaman ölçüsü anlaşılmazdı. - fikirləşdi - Bir neçə saat, bir neçə gün ani dəqiqələr ərzində yaşanır…
…Pəncərədən görünən bozumtul çöllüklərə baxdıqca, bayaq yuxuda əsəbilikdən nəfsi kəsilə-kəsilə boğduğu adamın üzünü yadına salmağa çalşdısa da, yaddaşının, mərmər pillələr və sütunlarla dolu palçıqlı tikilidən savayı heç nəyi saxlamadığını anladı.
Bəs o boğduğu kim idi?.. Niyə onu o cür qəzəblə, hikkədən ürəyi az qala ağzına gələ-gələ boğurdu?.. Dəqiq yadında qalan, əsəbilikdən gərilmiş əllərinin arasında plastilin kimi yumşalıb nazilən yoğun boyun idi …
- Hələ çox qalıb?.. - güzgüdən sürücünün üzünə zilləndi.
- Otuz-otuz beş kilometr ancaq olar.
Sürücü yola baxırdı. Üzü elə idi, elə bil yuxuda baş verənləri o da görmüşdü… və nəyinki görmüşdü, boğduğu o naməlumu tanıyırdı da...
Yenə məqbərə… - ürəyi sıxıla-sıxıla fikirləşdi və nəbzinin nizamsız döyüntülərlə axdığını hiss etdi. Bir ara yadına gəlir, bu məqbərədən canını qurtarmışdı. Orda - paytaxtdan uzaq, sakit şəhərcikdə - gecələr taxtaqurdlarının altdan-altdan gəmirdiyi köhnə şkafların qırıq cırıltılarından savayı ayrı bir səsin eşidilmədiyi tənha evində qəribəydi ki, tamam ayrı yuxular görürdü… O günlər yuxularında nə gördüyünü indi dəqiq xatırlamasa da, bircə o dəqiq yadındaydı ki, hər səhər yuxudan oyanmağına peşman olurdu. Yuxudan ayılmağıyla, yataq otağının bozumtul-çəhrayı butalarla dolu divarları kor pəhləvanlar kimi üstünə şığıyıb ürəyini darıxdırırdı. Onda yadına gəlir, çönüb geriyə - həmin o yadında saxlaya bilmədiyi yuxularına qayıtmağı gəlirdi...
Pəncərədən görünən duz gölünə baxa-baxa yuxular barədə oxuduğu ədəbiyyatları yadına saldı. Yuxuları gün ərzində baş vermiş hadisələrin, yaxud, daxili yaşantıları və xatirələri insanın şüuraltısına ötürən görüntülərin asosassiyası kimi izah edən bu ədəbiyyatlara istinad etsə, belə çıxır ki, neçə illərdən bəri yuxularanıda gecədən-gecəyə iblisanə ardıcıllıqla tikilib ucaldılan o Məqbərə onun şüuraltısında və eləcə də yuxularında elə belə, ötəri təsadüf nəticəsində yer almayıb.
Başını oturacağın kürəkliyinə atıb gözlərini yumdu. Olsun ki, nə vaxtsa, hardasa, hansı ölkədəsə gördüyü, görüb valeh olduğu, bir vaxtlar belə bir möhtəşəmliyin onun xatirəsinə də tikilə biləcəyi o Məqbərə barədə o, uzun illərdir ki, özündən xəbərsiz halda, hansısa gizli yaddaşıyla düşünməyə davam edir və bütün o düşündüklərini necəsə, unudur…
…Köməkçi geriyə qanrılıb ovcunun içində buğlanan çayı ona uzatdı. Balaca armudu stəkanı ona hədsiz səylə ötürdüyündən, ya nədənsə titrəyən əli çayın bir hissəsini nəlbəkiyə dağıtdı.
- Üzr istəyirəm. - köməkçi pərt səslə deyib çayı geriyə çəkmək, sanki özünü cəzalandırmaq üçün onu öz üstünə dağıtmaq, ya elə buğlana-buğlana başına çəkmək istədisə də:
- Eybi yox, sağ ol. - deyib çayı oğlanın əlindən aldı, burnuna yaxınlaşdırıb ehtiyatla iylədi.
Çay darçın ətri qoxuyurdu…
- Darçındı. Siz xoşlayırsız. - köməkçi pərtliyini gizləmək üçün yola baxa-baxa dedi.
Çaydan xırda qurtum alıb, - köməkçi nəyisə qarışdırır... - fikirləşdi. - o ki, ümumiyyətlə, ədvalı çay sevmir.
Çayın nəlbəkiyə dağılan hissəsini stəkana süzüb fikirləşdi ki, hər halda bu, yaxşı əlamət deyil. Baş verməkdə olan hansı bir hadisəninsə yuxudan-yuxuya ardıcıl xətt üzrə məntiq ardıcıllığı ilə inkşaf etməsi yuxunu bir növ yuxuluqdan çıxarır.
Çayı axıracan içib stəkanı nəlbəkiyə qoydu və fikirləşdi ki, nə Rusiyada yaşadığı, Moskvada işlədiyi dövrlər, nə ondan əvvəllər - burda ölkəyə rəhbərlik etdiyi illər yuxularla bağlı hər hansı problemi olduğu yadına gəlmir. O illər yadına gəlir, yuxuları ehtiyat dolu sayıqlıq tələb gərgin ictimayi həyatının davamı idi… Yaddaşı o illərin bir neçə əlamətdar yuxusunu - kimlərisə öz qalstukuyla, yaxud telefon şnuruyla boğduğu, təntənəli dəfn mərasimlərində mötəbər pyedestallarda uyuyan rəsmilərin ölü qulaqlarına vida kəlmələri pıçıldadığı, fəxri qarovul qismində dayandığı gur işıqlı səhnələrdən seyr etdiyi adam dolu salonları qəzəbli baxışıyla qaranlıqlara qərq etdiyi yuxularını qəribədi ki, olduğu kimi qoruyub saxlamışdı. Amma məsələ burasındaydı ki, - özünü dikəldib əlini pencəyinin döş cibinə atdı, ordan çıxardığı ürək dərmanının birini dilinin altına saldı, - o yuxuları, indiki yuxuları kimi, hansısa sirli qanunauyğunluqlar üzrə nizamlanmırdı, biri o birini davam etdirmirdi, tamamlamırdı, heç birinin o birisi ilə əlaqəsi yox idi…
…Cangüdənin gözü, bayaq köməkçinin qabaq oturacaqdan arxaya ötürdüyü və indi onun ehtiyatla ovcunda saxlayıb arada bir qurtum aldığı növbəti qaynar çayda idi idi.
Cangüdənin əsəbləri olsun ki, korlanmışdı. - fikirləşdi. - Son vaxtlar onun həyatına və sağlamlığına təhlükə ola biləcək hər bir xırda şey bu həddən ziyadə tədbirli cavanı qıcıqlandırır, içinə yersiz şübhə toxumu səpirdi.
- İsti deyil, qorxma. - yarı ciddi, yarı zarafat deyib əlini cangüdənin dizinə qoydu.
Cangüdənin dizi əlindəki çaydan qaynar gəldi ona… əzələli dizin qaynarlığı yaddaşına, onun uzaq kənddə öz kasıb kəndli həyatını yaşayan bir bölük ailə üzvləri - tutumlu yemək yemədiklərindən, solğun bənizləriylə, cılız bədənləriylə xəstə yeniyetmələri andıran doğma üzlü adamları gətirdi… onların arxasınca, qocalıqdan, ya üzünün dərin qırışlarından ağzını zorla tərpədə-tərpədə danışan ağbirçək Çiçək qarı gəlib üzbəüzdə dayandı, balaca ağzını bilinər-bilinməz tərpədə-tərpədə:
- Atam-anam saa qurban, gözümün işığı… - dedi.
…Çay soyumaq əvəzinə, get-gedə elə bil isinirdi, buğunu artırıb pəncərənin şüşəsini tərlədirdi. Yoxsa, şüşə həssas cangüdənin həyəcanlı yaşantılarından tərləyirdi?!..
Cangüdənin ürəyini almaq üçün çay dolu stəkanı ona uzadıb:
- İç. - dedi.
Onun bu qəfil təklifindən donuxmuş cavan stəkanı əlindən alıb xırda qurtumlarla başına çəkdi… çayın buğu cangüdənin burnundan çıxdı. Ya hava soyumuşdu?!..
Pəncərədən yol boyu uzanan yalın səhralara, əyri-üyrü, paslı buruqlara baxdıqca, sağ gözü acışıb bulanırdı…
Cib yaylığını çıxarıb sağ gözünə basdı.
Sağ gözü son vaxtlar gizli düşmən xəbisliyi ilə altdan-altdan acışıb-gizildəyirdi... Yadına gəlir, hələ bir neçə il bundan əvvəl paytaxtdan hava limanına uzanan qarlı rus meşələrinin arasıyla, yarıqaranlıq, buzlu yollarla gəldiyi gecədən bulanmağa, durduğu yerdə acışıb gizildəməyə başlamışdı…
Fikirləşdi ki, olsun ki, bu gözü taleyinə yazılmayan, alnına həkk olunmayan, gözlənilməz dönüşə tab gətirməyib içinə qaynar su tökülən çini kimi çatlamışdı. Gözünün ən incə damarını olsun ki, nəhəng rus küknarlarının o gecəki qüdrətli əzəməti çatlatmışdı...
* * *
Son illər heç bir damlanın, yaxud dərmanın kar eləmədiyi sağ gözünün dərdini müəyyənləşdirmək məqsədi ilə tapıb oxuduğu tibbi ədəbiyyatlarda da bu barədə heç nə yazılmamışdı. Bircə ötən həftə hansı təsadüfləsə əlinə keçən «Elm» jurnalının sonuncu nömrəsində sağ gözün tutulmasından nurunu itirən sol göz haqqında xırda bir yazıya rast gəlmişdi. O yazını oxuyandan sonra bir müddət sağ gözü elə bil özünü yığışdırıb acışmağı, bulanmağı tərgitmişdi.
Gözünü yumub bir müddət qaranlığa göz qapaqlarının içinin qaranlığına zilləndi... Korluq, təxminən belə bir şeydi. - fikirləşib udqundu. - Hər halda ölüm deyil. Ölüm - bircə oralar idi… İki ay bundan əvvəl ölü balığın havasız qarnını yırtıb işığa çıxan kimi, sivrilib çıxdığı həmin o paytaxtdan uzaq şəhər… səs və havakeçirməz, tənha evi…
Dəqiq yadına sala bilmədi, hardasa oxumuşdu ki, Cəhənnəmin bir üzü - harasa mıxlanıb burnunun ucundan ötüb keçən adamların gözünə görünmədən, yadına düşmədən, həmin o asılı vəziyyətdə əbədi yaşamaqdı. Sonra yaddaşını gərib bu fikri harda oxuduğunu yadına salmağa çalışdı və yadına düşdü… Klinik ölüm keçirmiş alman meşəbəyinin O dünya barədə yazdığı xatirələrində. Sonra müxtəlif dini və elmi kitablarda, ezoterik ədəbiyyatlarda O dünya barədə oxuduqlarını yadına sala-sala, fikirləşdi ki, bütün təsvirlərə və təhlillərə görə O dünya elə bu dünyanın özündədi, onun astar üzüdü.
Məsələn, bütün o təsvirlərə istinadən Cəhənnəm təxminən belə bir yerdi. - pəncərənədən uzandıqca uzanan qupquru, boz çöllüklərə baxa-baxa fikirləşdi.
Bir də ən ürəkdağıdanı, bütün bu mənzərələrdən, insan ayağı dəyməyən bu yalın, boz çöllüklərdən də dəhşətlisi onun ətrafı - gözləri gözünün içinə baxa-baxa, hüzurunda müntəzir dura-dura, həm də elə bil onu eşitməyən və görməyən böcək məmurlar idi…
Bəs onu kim görürdü?!.. - fikirləşdi və çönüb böyründə yırğalanan cangüdənin üzünə zilləndi.
Cangüdən yorğun idi deyə onun baxışını hiss eləmədi, gözləri yol çəkə-çəkə çöllüklərə baxırdı.
Həm də elə bil kimsə də görürdü onu… Bütün olub keçənləri, hərəkətlərini və fikirlərini səbrlə izləyir, uğurlarına sevinir, uğursuzluğunu sükutla qarşılayırdı…
Bu fikirdən sağ bəbəyinin içinə elə bil neştər batırdılar.
Yaylığı gözünə basıb sıxdı. Gözünün yaşı yanağı boyu süzülüb köynəyinin yaxalığına hopdu. Yaylığı yaxalığına hopdurub fikirləşdi ki, sağ gözü alnına yazılan uğurlu ölüm proqramını oxundan döndərmək istəyən təhlükəli qohumuna çevrilib. Son vaxtların ən həlledici məqamlarında - rəsmi mərasimlərin ən gərgin, kuliminativ dəqiqələrində - ona tuşlanan kameraların sayıq obyektivi üz cizgilərini irildib hər sözünü, gözünün ən cüzi tərpənişini bütün ölkəyə, dünyaya yayımlamağa başlayanda sağ gözü xəbis-xəbis acışıb bulanmağa, yaşını axıdıb ətrafdakıların diqqətini özünə cəlb eləməyə başlayırdı.
Gözündən axan yaşı heç kim görməsin deyə, yaylığı tərini silirmiş kimi, alnında gəzdirdi, gözaltı yan oturacaqda əsgər şivliyi ilə oturmuş cangüdəninə nəzər saldı.
Cangüdənin rəngi yorğunluqdan, ya nədənsə saralmışdı.
Son vaxtlar bu hədsiz çalışqan cangüdənin sağlamlıq durumu onu niyəsə narahat eləməyə başlamışdı. Buna səbəb - son bir neçə ayı hər ikisinin sapdan asılı olan naməlum kimə, ya nəyə görəsə birlikdə məsuliyyət daşıdığını hansı toxumasıylasa hiss etməsi idi. Nəydi o?.. Onun ölümü?.. Yoxsa, ondan da qoxulu və təhlükəli olan ayrı bir şey?.. Yox, bu, elə bil onun ölümündən o tərəfə olan nə idisə… Amma nə?..
Nəbzi ləngiyib qarışıq döyüntülərlə döyündü. Düyməni basıb pəncərənin şüşəsini endirdi.
Nəbzi ləngiyirdi... Nəbzi son ayların yorğunluğundan, məsuliyyət və gərginlik dolu yuxusuz gecələrlə yatağında və iş otağında saatlarla apardığı nəzəri əməliyyatlardan zəifləyib ləngiməyə, döyüntüsünün nizamını itirməyə başlamışdı.
Pəncərədən əsən ilıq mehi ciyərlərinə çəkdiyiyi yerdə qəfildən nəbzinin, beləcə maşının rahat arxa oturacağının yumşaqlığında yırğalandığı məqam əbədilik dayanacağı an - son nəfəsinin xirtdəyinə dirənib harasa, geriyə sümrüldüyü, gözlərinin əbədilik yumulduğu təlatümlü mənzərə gözünün qabağına gəldi… sağında, qabaq oturacaqlarda qayğıkeş üzlərlə əyləşmiş bu ədəbli adamların təşfişə düşüb maşını saxlatdırmaqları, bənizləri həyəcandan ağara-ağara onun cansız bədənini hərəkətə gətirməyə çalışmaqları təsəvvürünə gəldi… sonra bütün bu mənzərəni necəsə, gördü də…
…Maşının arxa oturacağında hərəkətsiz qalmış mum rəngli cansız vücudunu… harasa yuxarı dirənən ifadəsiz gözlərini, yarımaçıq rəngsiz dodaqlarını… çevik cangüdənlə çaşqın köməkçinin qızdırmalı sayıqlamalarla ətrafında vurnuxmağını və sair və ilaxırı…
Onu maşının oturacağına uzadırdılar… guya belədə ona rahat olacaqdı… maşını işə salıb qəfil ölümü ilə bağlı fövqəladə xəbəri paytaxta göndərə-göndərə geriyə qayıdırdılar...
…arxa oturacağın küncünə dirənmiş başı maşının sürətli hərəkətindən, kənd yollarının çala-çuxurlarında atılıb-düşməkdən, qapının orta hissəsinə pərçimlədilmiş dəmir külqabının qapağına dəyə-dəyə getdiyi uzun-uzadı palçıqlı yolu da gördü… qabaq oturacaqda üzü arxaya oturan köməkçinin vahimədən əyilib ağarmış üzlə ona zilləndiyini, ağırlaşmış başını yerinə qaytarmaq istəsə də, gücü çatmadığını, şoka düşmüş cangüdənin yerində qıvrılmasını, qurğuşun doldurulmuş kimi ağır başını axır ki, bir təhər qaldırıb dizinin üstə yerləşdirməsini də necəsə, lap dəqiq gördü…
- Soyuq olar, cənab general. - sürücü geri çönmədən dedi.
Kürəkliyin orta hissəsindəki qoltuq balışını açıb üstünə dirsəkləndi. Belədə kürəyinin əzələləri rahatlanırdı. Həm də elə bil belədə daha rahat fikirləşirdi.
Fikirləşdi ki, yol getməyi ona görə sevir ki, burda qəbul otağının gündəlik gərginliyindən, üstünə az qala tavandan yağan lüzumsuz məlumat axınından azad olur...
- …etiraz etmirsiz, cənab General?.. - köməkçi geriyə qanrılmadan, yola baxa-baxa dedi.
- Nə deyirəm?.. Amma, tədbir məsələsində tələsmisən. Bu tələsmək adətindən birdəfəlik əl çək. O siyahını da saxla şəhərə. - dedi və fikirləşdi ki, köməkçi niyə bu qədər danışır?!.. Görünür, düşünmək vərdişi yoxdu hələ. Yoxsa, yada salınmalı xatirəsi yoxdu?..
Onunsa yaddaşı iməcilik aparılmasına ehtiyaclı idi… lazım olanlar müvafiq hücrələrə ötürülməli, qalanları - illər uzunu hafizəsinə damla-damla süzülüb daşlaşmış zəhərli xatirələr yerli-dibli məhv edilməli idi… Dünyaya göz açandan bəri görüb tanıdığı, duyub anladığı hər bir şey olduğu rəngində və çəkisində yaddaşının heç cür korşalıb sayıqlığını itirməyən ayıq məsamələrində dayanıb durmağındaydı.
Burun yaylığını qatlayıb pencəyinin cibinə qoya-qoya fikirləşdi ki, bu nə yaddaş idi verilmişdi ona ki, hüdusuz ərazisi hər şeyi, anlaşışmaz mühafizəkarlıqla qoruyub saxlamaqdan yorulmurdu?!.. Bu qədər ili, bu qədər günləri və saatları, bu qədər adamları və üzləri, hadisələri və sirləri, cümlələri və ayrı-ayrı sözləri, hətta qırıq səsləri belə, olduğu kimi, bütün dəqiqliyinəcən yadda saxlamaq, hər adama nəsib olan xoşbəxtlik deyildi.
Bəlkə də bədbəxtlik idi?.. - fikirləşdi və başını oturacağın kürəkliyinə atdı. - İnsanlarınsa hafizəsi yox idi… Yadına, paytaxtdan uzaq şəhərdə yaşadığı havasız illər - insanların onu uzaqdan-uzağa necəsə, tədricən, heyvani unutqanlıqla unutmağa başladığı, yaddaşlardan aramla silindiyininin əzabından üzüldüyü darısqal zamanlar düşdü…
Onda yadına gəlir, unudulduğunu, adamların bulanıq yaddaşlarında əriyib, vecsiz, dumanlı xatirələrə qarışdığını hiss etdikcə, üçgözlü balaca evinin yarıqaranlıq, dərin mağar kimi böyüdüyünü, gözlərini xəstə sarımtıllığıyla ağrıdan zəif işığa boylandığını əlini, ayağını hiss edən kimi dəqiq hiss edirdi… İllər ötdükcə, insanların xatırlama qabiliyyəti zəiflədikcə, ölkəyə rəhbərlik etdiyi illər şəhərin ən mənzərəli yerlərində ucaldılmış neçə-neçə möhtəşəm tikililərin, şəhərlər və kəndlərarası salınan geniş yolların, nəhəng körpülərin müəllifi unudulmağa, bulanıq su çöküntü verən tək, yaddaşların qaranlıq dərinliklərinə çökdükcə, yadına gəlir, «mağarın» xəstə işığı getdikcə öləziməyə, mənzilinin dörd bir tərəfini ölüm havalı qaranlıqlarla doldurmağa başlayırdı…
Fikirləşdi ki, olsun ki, həmin o əlamətdar, tarixi gecə - şəhərdən uzaq kazarmada baş verən milli faciə sili ali hökmlə xalqın taleyinə yazılmasaydı, heç nəyin təhərini əzəldən bilməyə qadir olmayan bu əldəqayırma hökumətin südəmər üzvləri xofa düşüb sapı qaçmış mirvari dənələri kimi dörd bir yana dağılışmasaydı, neçə illərdən bəri yarıtmaz hökümət əvəzlənmələrindən cana doymuş xalq hiddətlənib ayağa qalxmasaydı, o elə ordaca - gözdən-könüldən uzaq tənha evində, həmin o sarımtıl işığın ölüm qoxulu işartıları içində yoxa çıxacaq, unudulub gömrüldüyü həmin o qaranlıqlar dolu heçliyə qovuşacaqdı...
...Yenə dağı qalxırdı… Hava qaralmışdı deyə, ayağının altını yaxşı seçə bilmirdi… Uzunboğazlarının sivri burnuna ilişib onu dəqiqədə bir yerində laxladan kol-kosu əlindəki ucuiti tiyəylə kəsib bir kənara ata-ata, özünə yol aça-aça üzü yuxarı - dağın dikdirindən yayılan zurna-qavalın səsinə tərəf irəliləyirdi… havanın qəfil qaralmasından, yoxsa, ayaqlarındakı uzunboğazların hədsiz ağırlığından, dağın zirvəsinə aparan yol bu dəfə ona hədsiz uzun gəldi… irəlilədikcə, bitib uzandı... Bir qədərdən sonra dağın acıqlı küləklər oynayan zülmət qaranlıq zirvəsində ucuiti, mavi qüllələri qaranlıq göyün içinə dirənən möhtəşəm Məqbərənin qızılı sütunları görünməyə başladı...
…Məqbərənin dörd bir yanı dövlət maşınlarıyla dolu idi… Musiqi səsi hardansa, içəridən gəlirdi...
Bir istədi qapıları açıb içəri daxil olsun, sonra nə fikirləşdisə, Məqbərənin arxa tərəfinə keçib qülləyə aparan hörmə pillələrlə yuxarı qalxdı. Orda, nəfəsliyəbənzər balaca pəncərədən aşağı boylandı…
…Məqbərənin gur işıqlı, geniş zalı təntənəli qiyafəyə bürünmüşdü, üstü naz-nemət dolu süfrələrlə bəzədilmişdi… Ortada, kim idisə, bükülməyən qol-qıçı ilə atılıb düşür, o birilər ona əl çalırdı…
Bürünc pyedestalın üstünə qoyulmuş havakeçirməz şüşə qutunun üstü, yan-yörəsi gül-çiçəklə, qara lentli əklillərlə dolu idi...
…Əlini pencəyinin döş cibinə atıb eynəyini çıxardı, ehmalca gözünə taxıb pyedestalın üstündəki havakeirməz, şüşə qutunun içində mum rəngli üzü ilə yatan mərhuma zilləndisə də, bunun kim olduğunu bilə bilmədi… Ürəyi şiddətlə döyünə-döyünə, bu özbaşınalığın kimin tərəfindən törədilə biləcəyini ayırd etmək istəyirdi ki, musiqi kəsildi… Məclisin aşağı başından meşə göbələyini andıran balacaboy bir adam ayağa qalxıb:
- İndi isə gəlin, bir ağızdan çağıraq. - dedi və arvadlı-uşaqlı hamı xorla:
- Ə-ziz a - ta!.. A - ta - can! - deməyə, deyəsən, onu çağırmağa başladılar...
…Nəfəslikdən geriyə çəkilib Məqbərənin əsas foyesinə aparan adamboylu arakəsmədə dayandısa da, aşağıdakılar onu necəsə, gördülər, ayağa qalxıb qışqırışmağa:
- Gəldi!.. Gəldi!.. Urra!.. - deyib əl çaldmağa başladılar….
…sonra kimsə kimisə dümsükləyib:
- Di başla. - dedi və ortaya başında ağ bant, doqquz-on yaşlı balaca qız uşağı çıxdı, əllərini arxasında çarpazlayıb ucadan şeir deməyə başladı…
Bu gün bayramdır, ata!..
Bu gün bayramdır, baba!..
Məqbərən də bərq vurur!..
Dünya durduqca, durur!..
Qız şeiri bitirib əl çalanlara utancaq təbəssümlə gülümsədi və yerinə qaçdı.
Məqbərə gurultulu alqışlardan titrəyib uğuldadı...
Dişlərini qıcayıb ağzının içində:
- Kim icazə verib?.. - dedisə də, səsi necəsə, bərkdən eşidildi… Məqbərənin divarlarını titrətdi…
Nəfəsliyi taybatay açıb yuxarıdan-aşağı:
- Sizinləyəm!.. - deyə çımxırdı.
Milli Akademiyanın prezidenti ağarmış bəniziylə ayağa qalxıb:
- Bu, xalqımızın sərvətidir. - dedi.
- Nə xalqımızın sərvətidi?..
- Bura. Bu məqbərə… - yerdəkilər səs-səsə verib qoyun-quzu kimi mələşdilər.
- Siz də. - kimsə stolun o biri başından ürkək səslə dedi.
- Nə - mən?..
- Xalqımızın sərvətisiz.
Gözlərini qıyıb stolun aşağı başından danışan kenquruvari, arıq adama baxdı…
- Biz sizi sevirik, cənab general… - stolun başqa bir səmtindən kimsə quqquldadı…
O birilər də ona qoşuldu… hamı ayağa qalxıb yer-yerdən:
- Sevirik!.. Sevirik!.. Sevirik!.. - deyə-deyə yer-yerdən inildədilər…
…Ürəyi pis-pis bulandı… ağzına dolan acı suyu kənara tüpürüb dişlərinin arasından:
- Nifrət eləyirəm… - dedi, sonra lap bərkdən - Eşidirsiz?.. Nifrət eləyirəm hamınıza!.. - dedisə də, elə bil onu eşidən olmadı…
…Yuxudan dik atıldı… alnı yüngülcə tərləmişdi… ürəyi, tələyə düşən quş kimi, zəif-zəif çırpınırdı…
Köməkçi deyəsən, bayaqdannan onun ayılmağını gözləyirdi, gözünü açan kimi, geriyə qanrılıb əlindəki qəzetləri ona uzatdı:
- Təzə qəzetlərdi. - dedi və gözünün içinə elə baxdı, elə bil bəbəyinin içindən sivişib yoxa çıxmaqda olan nəyinsə ucundan tutmaq istədi…
Qəzetləri oturacağın üstünə qoyub nəfəsini nizamlamağa çalışdı…
Oturduğu yerdə yuxulamağı da təzə çıxdı. - fikirləşdi. - Hər halda bu, qocalıq mürgüsü deyildi... İnsan qocalmamışdan əvvəl yuxuları da qocalır… rənglər, yuxuda baş verənlər soluxub saralır… Onun yuxuları isə qocalıb heydən düşmək bilmirdi, əksinə, getdikcə, daha qəliz və əlamətdar olurdu…
Yuxunun gərginliyi, hələ də sovuşub getməyən üzünü hər iki əliylə ovuşdurub nəfəsini dərdi… və indicə, ötəri mürgü içində gördüelərini yadına salmağa çalışdısa da, yadına, qaranlıq göyün dərinliklərinə dirənən qızılı-mavi qüllələrindən savayı ayrı bir şey düşmədi…
Dincəlmək lazımdı… - gicgahı lükküldəyə-lükküldəyə fikirləşdi.
Köməkçi hələ də danışırdı… geriyə qanrılmadan, ona guya vacib əhəmiyyətli, əslində isə lüzumsuz məlumatlar ötürürdü...
Qəribədi ki, köməkçi ona qulaq asmadığını biləndə, elə bil daha çox danışırdı... - fikirləşdi. - Ümumiyyətlə, son illər, onun respublikadan kənarlarda olduğu dövrlər əhalinin mənəvi durumunda xoşagəlməz dəyişikliklər getmişdi. Bir-birini nizamsız ardıcıllıqla əvəzləyən ictimayi-siyasi hadisələr, bir-birindən bacarıqsız hakim qurumların əndirəbadi dövlət siyasəti binəva xalqı çaşqınlığa salmış, tarix boyu çətinliklərə tuş gəlməmiş saf qəlblərinə qəribə inamsızlıq toxumu səpmişdi.
Hər şey əvvəlkindən qat-qat çətin olacaqdı… - fikirləşdi. - Ölkədə olmadığı son bir neçə ili burda o qədər sular axmış, o qədər əcayibliklər baş vermişdi ki, meydana o qədər yalançı padşahlar, bir saatlıq xəlifələr, bir-birindən səfeh siyasətçilər çıxmışdı ki, indi bütün bu məşəqqəti xalqın yaddaşından, bit-birə salmış üfunətli evi təmizləyən səbrli qadın səliqəsiylə təmizləməli, bu xarabalıqlar diyarını sahmana salmalı olacaqdı…
Sahmana ən çətin gələni - on baş il əvvəl nizamlı ordu kimi qoyub getdiyi, gələrkən tanınmaz halda tapdığı, qorxunu, itaət və pərəstiş qabiliyyətini itirmiş xalq idi… - fikirləşib yaxalığını səliqəyə saldı. - Yaxın bir neçə ili beyinlərinə yeridilmiş səfeh azadlıq arzularıyla, çılğın vətəndaşlıq hüquqlarıyla hər işə qarışmağa, başları çıxmayan yerə burunlarını soxmağa öyrəşmiş bu miskin vətəndaşlar ordusunu «coşğun fədailər» obrazından çıxarıb əvvəlki vəziyyətinə qaytarmağa, yerinə oturdub dinləmək və əməl eləmək mədəniyyətinə alışdırmağa bir xeyli vaxt və hövsələ lazım olacaqdı... Bu, bir növ, sərgərdan həyata, ucsuz-bucaqsız çöllüklərdə başlı-başına yaşamağa öyrəşib hər hərəkətə soncuqlayan atın, ağzını çəkib belinə minməyi andıran, zaman və incə siyasət tələb edən çətin məqamlardan biri idi...
…Cangüdəni yenə öskürək tutmuşdu… Xəcalətdən az qala boğula-boğula, pörtüb qızara-qızara, öskürəyini harasındasa əzib-gizləməklə məşğul idi...
Keçmiş iqtidar nümayəndələrinin ədəbazlıqdan gərilib tarıma çəkilmiş şüursuz sifətləri bir-bir gözünün qabağına gəldi…
Yaxın günlərəcən tələbə yataqxanalarında qayğanaq yeməkdən qaşınmaya düşən, tərli corablarını stulların kürəkliyində qurutmağa, ütüsüz şalvarlarını döşəklərinin altında hamarlamağa alışmış bu kasıb kənd adamların təsəvvürlərində hakimiyyət - yuxularında belə görməyə qabiliyyətləri çatmadığı şirin xəlifəlik həyatından savayı ayrı bir şey deyildi görünür. - fikirləşdi və gözünün qabağına keçmiş iqtidarın bir neçə «qabaqcılının» yaşamaq eşqiylə alışıb-yanan xəstə gözlərini gəldi...
Bu, uzun müddətli yalquzaq həyatının qəddar çöl qanunlarında bərkimiş, hər an məhv olmaq təhlükəsində yaşamağa alışmış, daim təqib olunub döyülən zədələnib yaralansa da, dizinin son qüvvəsiylə sıçrayıb ayağa qalxan bir sürü canavar gözü idi…
Fikirləşdi ki, sədd heyflər olsun ki, bəlkə də nə vaxtsa gözəl alim, ya mühəndis, dilçi, yaxud, müəllim ola biləcək bu istedadlı və bacarıqlı cavanları, bütün bu hadisələrdən sonra artıq itirilmiş nəsil hesab etmək olar. Bir illik ecazkar hakimiyyət eyforiyasında yaşamış bu fəndkir kəndçilərin əvvəlki həyata - yenicə qurtulduqları həmin solğun miskinliyə qayıtması, dalğanın vurub sahilə atdığı balıq sürüsünün yaşamaq ehtimalı qədər cüzi idi.
Bircə keçmiş prezident deyilənə görə, özünü gümrah və rahat hiss eləyirdi.
Keçmiş prezident - uca boyu, arıq, şiv qaməti, qarayanız üzünün həyatsevər ifadəsi və əlli illik ömrünün qəribə bioqrafiyası ilə həmişə ona sevimli ədəbi qəhrəmanını - dahi Servantesin Don Kixotunu xatırladırdı…
«Don Kixot», qəribəydi ki, nə bu cəmiyyət bataqlığının, nə də məmləkətin uzun-uzadı keçdiyi bulanıq dövrlərinin məhsuluna oxşamırdı… - fikirləşdi, özünü dikəldib köməkçinin növbəti sualını başıyla təsdiqlədi. - Son məlumatlara görə keçmiş prezident - ömrü boyu azadlığı və müstəqilliyi uğrunda guya canını fəda eləməyə hazır olduğu millətini dar günündə atıb, biabırçı vəziyyətdə uzaq kəndlərinə qaçmışdısa da, orda, hamının gözlədiyi kimi, çıxılmazlıqlar və sarsıntılar içində üzülərək, içkiyə qurşanmamış, deyilənə görə əksinə, gün-gündən gümrahlaşıb gəncləşməyə başlamışdı...
Kənd camaatının dediyinə görə səhərlər o, pencəyi çiynində dağlara qalxır, orda bir müddət dağ ətəyinin ətirli çiçəklərindən yığa-yığa gəzişir, zirvəyə dırmanıb ordan uzaq sərhəd məntəqəlrinə zillənir, evə qayıtdıqdan sonra otağına çəkilib orda bir müddət yazı-pozuyla məşğul olur, axşamlarsa, kənd camaatı üçün mətbuat konfransları keçirirdi.
…Gülməyi tutdu… özünü saxlaya bilməyib güldü də. Nə sağ tərəfində oturan cangüdən, nə də qabaqdakılar onun gülüşünə reaksiya verməyə ürək eləmədilərsə də, yerlərində narahat-narahat qurcalandılar.
- Bir şey yadıma düşdü. - deyib üzünü pəncərəyə tutdu, keçmiş prezidentin alim üzündən çox, əzabkeş daşyonan üzünü xatırladan dərin qırışlar və ağrılar dolu doğma sifəti gözünün qabağına gəldi…
Uzaq uşaqlıq illərində, kəndin daş-kəsək yollarında gün başına döyə-döyə, arxa həyətlərindəki yığcam bostandan yığdığı yaşıl lobya, tum və yumurta satan bu həlim adamın yay-qış ayaqqabısız gəzməkdən, qaralıb diriliyini itirən qara, sümüklü ayaqlarını xatırladı…
Köməkçi radionun səsini azaltdı.
-…faciə qurbanlarının ailələri ilə görüşü olacaq. Görüşün, respublika televiziyası ilə birbaşa yayımına saat on iki radələrində baxa bilərsiz… - diktorun son cümləsini tutdu.
Deyilənə görə keçmiş spiker də özünü yaxşı hiss edirdi. Hələ də partiyasının binasındakı səliqəli otağında heç bir şey olmayıbmış kimi, həmin o ədəbaz üzüylə, dəyişməz, sabit inadla öz işini davam etdirməyindəydi. Həmin o təmkinli, asta səsiylə həftəaşırı mətbuat konfransları, müşavirələr keçirir, əcnəbi ölkələrin nümayəndələrini bu tədbirlərə qatıb yenilməz mübarizə yollarında işələdəcək proqramlarını bəyan etməkdən yorulmurdu.
Keçmiş spikerin bu siyasi mübarizəsi - bir o qədər də hündür olmayan məsafələrdən ləng damlalarla daman suyun, daşı oymasını andıran uzun və yorucu bir proses idi... - fikirləşdi və əsnədi.
Yenə göz qapaqları ağırlaşırdı… Yuxusu gəlirdi…
Fikirləşdi ki, xəlifəlik həyatının dadı keçmiş spikerin damağında o biri iqtidar üzvlərindən daha əsaslı şəkildə qalıb. Bir də keçmiş spikerin gizli niyyətində, o birilərdən fərqli olaraq, xəlifəlik həyatından savayı daha nə isə də vardı elə bil…
Bu fikirdən azca əsəbiləşdisə də, yuxusu qaçmadı. Fikirləşdi ki, bu səfeh özünəbədgümanlıq hardandı bunlarda?!.. Hələ özləri bəs deyil, bu bədgümanlıq azarını, bədnam xudpəsənlik vərdişini epidemiya kimi bütün ölkənin canına yayıblar. Hər yerindən duran prezidentlikdən dəm vurur, hərənin bir partiyası, bir dövlət proqramı var.
Yadına, dünənki mətbuat konfransına jurnalist sifətində qatılan 17-18 yaşlı cavanların iddialar dolu, həyəcanlı üzləri düşdü...
Bu uşaqları daha acınacaqlı tale gözləyir... - fikirləşdi. - Ölkənin canına zəhərli neştər kimi sancılmış «demokratik anarxiya», yaxud «anarxik demokratiya» iynəsindən az qala genetik kodları dəyişilmiş bu binəva uşaqları düşdükləri eyforiyadan çıxarmaq - məsələlərin ən çətini olacaqdı. Hüquqi, yaxud, milli azadlığı daxili azadlıqla, davranış azadlığıyla qarışdıran bu təcrübəsiz cavanları əvvəlki vəziyyətlərinə qaytarmaq üçün də bir xeyli vaxt və gənclərin şüurunu formalaşdıracaq islahatlar lazım olacaqdı. - fikirləşdi və oturacaqdakı qəzetlərdən birini əlinə alıb birinci səhifəsindəki başlıqları gözdən keçirdi.
Dünənki konfransda söz alıb mikrofon arxasına keçən 16-17 yaşlarında tələbə qızın həyəcandan, ya projektorların gur işığından qurumuş balaca dodaqlarını dəqiqədə bir yalaya-yalaya, körpə səsinə uyuşmayan qəribə bir ədayla ona ünvanladığı:
- Siz kimsiz, cənab general?.. - sualını xatırladı… Ürəyi pis-pis sıxıldı.
Bu balaca, balaca olduğ qədər də yaraşıqlı azərbaycanlı qızına maraqlı olan - sualın cavabı yox, generalla üzbəüz dayanıb həmsöhbət statusu qazanmağın özü olduğunu anlayan konfrans iştirakçıları bu qəfil sualın nə ilə bitəcəyini maraq və məzə dolu gözlərlə izləməyə başlayında, günahsız uşağa ürəyi ağrımışdı...
Cavanlarda təqsir yox idi… - fikirləşdi və qəzetin o biri səhifəsini açdı. İkinci səhifə iri hərflərlə yazılmış «Böyük Qayıdış» başlıqlı yazıyla başlayrdı.
Yazını gözdən keçirə-keçirə fikirləşdi ki, ölkənin, millətin müstəqilliyini xalqa fərdi azadlıq kimi təlqin etməyin, daha doğrusu, «azadlıq» deyilən mübahisəli absurdluğun insanlara bu sayaq köndələn naqisliklə təqdim olunmasının məsuliyyəti birbaşa «azadlıq aşiqlərinin» çiyinlərinə düşsə də, ölkəni düşdüyü bu qaranlıq durumdan o çıxarmalıdı. Xalq bu sahədə maarifləndirilməli, yuvarlanmaq ərəfəsində olduğu dərin uçurmun ağzından geriyə qaytarılıb aydın düzənliyə çıxarılmalıydı ki…
- Səfirlə görüşü neçəyə keçirim, cənab general?.. - köməkçinin səsi fikirlərini qırdı.
Səfirin tranzistoru andıran dördkünc sifəti gözünün qabağına gəldi…
- Dördə. O da, hələ işimizi yekunlaşdıra bilsək. - dedi.
Fikirləşdi ki, indi bu «Azadlıq» şüarı altında azğınlaşmış xalqa necə başa salasan ki, ümumiyyətlə, «azadlıq», «müstəqillik» deyilən məfhumun özü də nisbidi?!.. Dünyanın hansı dövlətinə - tam müstəqil dövlət, hansı xalqına - tam azad xalq demək olar ki, bütün dövlətlər və millətlər bir-birindən, iqtisadi, ya siyasi baxımdan asılıdırlar?..
- Ölənlərin ailələrinə xəbər vermisiz?..
- Bəli, cənab general.
- Neçə nəfərdilər?..
- Təxminən otuz yeddi.
- Yenə təxminən.
Köməkçinin rəngi qaçdı, azca kəkələdi:
- Dəqiq otuz altıdı. Bir nəfər…
Fikirləşdi ki, bir az da dərinə getsə, doğurdan, bu «azadlıq» nə deməkdi axı?.. Qəribədi, bu «azadlıq» haqqında elə bil heç özü də əməlli-başlı fikirləşməmişdi. Buna vaxtı olmamışdı, yoxsa, hər bir şeyi xırdalayıb kökünə getdiyi kimi, «azadlığ»-ı xırdalamaq yadına düşməmişdi, ya buna sadəcə, ehtiyac yaranmamışdı?.. Amma elə bil həm də ömrü boyu can atdığı bütün o qaçdı-qovdular, irili-xırdalı sıçrayışlar, enişlər və yoxuşlar, təhlükə və vahimə dolu gecələr və gərgin günortalar - hər şey, hər şey, əslində, həmin bu «azadlıq» deyilən əlçatmaz və ali pilləyə görə olmuşdu... Olsun ki, hələ lap uşaqlıq illərindən, özünü nələrdənsə məhrub edib, elə hey nə isə qura-qura, güclənib bərkiyə-bərkiyə, əslində, özünə müəyyən azadlıqlar əldə etməklə məşğul olmuşdu?!..
Pəncərədən yenə sahili duz örtüyü bağlamış boz göl göründü…
Kortej havanın bozluğundan tutqunlaşıb, sınıq - salxaq tikiləlri ilə, şəhərdən çox, fəhlə qəsəbəsini andıran rayon mərkəzinə daxil olanda, cangüdən pəncərələrin şüşələrini qaldırdı və o, yolların kənarı boyu sıralanıb qışqırışa-qışqırışa ona əl eləyən kənd adamlarına günkeçirməz şüşənin o biri üzündən baxdı.
- Yaşasın! Var olsun!.. Var olsun!.. - insanlar əllərindəki kiçik ölçülü kağız bayraqları yellədə-yellədə, fərəh və inam dolu üzlərlə qışqırır, kortejə əl eləyirdilər.
- Bir də, cənab general, səhər şair zəng vurmuşdu… - köməkçi pəncərəyə baxmadan, cib telefonunun düymələrini tez-tez basa-basa dedi - dedi, icazə versəydiz, görüşə o da gələrdi.
- Ehtiyac yoxdu. - dedi və fikirləşdi ki, bu adamın da nə istədiyi bilinmir. Bütün dövrlərdə və zamanlarda bu şair, mövcud olan və olmayan bütün fəxri adları, orden və mükafatları almışdısa da, yenə də elə bil nə isə istəyirdi. Almaq istəyi o növbəti nəinsə gizli ağrılar dolu sevdası şairin, qocalıqdan xal düşmüş bozumtul bəbəklərinin lap dərinliyində, bir də, təntənəli yığıncaqlarda vətən yanğısıyla oxuduğu şeirlərinin bəzi sətirlərində duyulurdu...
Fikirləşdi ki, şairin növbəti narahatçılığı Fəxri Xiyabanda onun üçün ayrılacaq qəbrinin yeri və qəbrin üstündə ucaldılacaq abidəsi ola bilər. Bəlkə bu narahat şairi şübhəli üzüntülərdən qurtarmaq üçün Fəxri Xiyabanın ən gözəgörünmlü yerlərindən birində ona elə indidən yer ayırtdırsın?.. Abidəsini də özü istəyən kimi sifariş verdirib özünə bəyəndirsin?.. Əlində kitab, ya qələm kresloda oturub yazan, ya oxuyan yerdə, ya da ayaq üstə dayanıb uzaqlara baxdıqca, küləyin havaya uçurduğu şərfi boynuna dolanan yerdə…
Şairin iztirab saçan qarayanız üzü, içi ehtiyat və həyat yanğısı dolu narahat gözləri gözünün qabağına gəldi. Üzünün gümüşü rəngi, dərisinin qalın büküşləri ilə şair tunc heykəli andırırdı…
…Kortey üstündə iri, paslı hərflərlə «Mədəniyyət sarayı» yazılmış ikimərtəbəli binanın qarşısında dayandı. Qapılar açıldı. Gülümsər üzlər bir-birinə mane ola-ola, ona yol açdılar:
- Xoş gəlmisiz. Buyurun, bura. Buyurun-buyurun…
Sarayın girəcəyinə yığışan adamlar onu görüb əl çalmağa, «Var ol!» - deyib qışqırışmağa başladılar.
İcra hakimiyyətinin başçısı hamıdan irəlidə ona yol göstərə-göstərə, hörmət əlaməti olaraq yanpörtü gedirdi deyə, ayağı dəqiqədə bir yöndəmsiz burxulmayla büdrəyirdi.
Zalın divarlarına matəm əlaməti olaraq, qara örtük çəkidiyindən, ya nədənsə, burda çığıran olmadı.
Adamların arasıyla keçib səhnəyə qalxdı, rəyasət stoluna tərəf yeriyə-yeriyə, hardasa aşağıda - qabaq cərgələrin arasıyla, asta səslərlə xısınlaşıb: «Şükür Allaha…», «Allah, sənə çox şükür…», «Allah, sən ömrümüzdən kəs, onun ömrünə cala…» - deyənlərin səsini eşitdi.
Rəyasət stolunun arxasına düzülən stulların mərkəzində onun üçün qoyulmuş məxmər üzlü kresloya əyləşib fikirləşdi ki, şair də, elə o biri «ünlü» sənətçilər də onun hüzurunda öz sənət dünyalarının xırda ölçülərini daha yaxşı hiss edirlər… Bu dünyadan almaq istədiklərinə - arzusunda olduqları fəxri adlara, yubiley təntənələrinə, əbədiliyə qovuşma körpüsü saydıqları Fəxri Xiyabana, dövlət səviyyəli dəfnlərə və sair və ilaxıra onsuz yetə bilməyəcəklərini o, ölkədə olmadığı iztirablı illər yaxşıca dərk etmişdilər deyə, onu «sevməyə» məhkum olduqlarını anlamışdılar.
- Camaatımız adından, qardaş qırğınında həlak olanların yaxınları adından öz qiymətli vaxtından ayırıb bura təşrif buyurduğu üçün möhtərəm generala öz təşəkkürümü bildirirəm… - qəsəbə ağsaqqalarından olan kələ-kötür üzlü, ağ saçlı qoca vücudunu saran fərəhindən uçacaqmış kimi, kürsünün məhəccərlərindən möhkəm-möhkəm yapışıb danışırdı…
Fikirləşdi ki, həmin o əlamətdar gecə - qışın oğlan çağı Rusiyanın qarlı yollarıyla vətəninə döndüyü o qara gecə möhtəşəm ordunu xatırladan qaranlıq rus meşələrinin qüdrəti qarşısında sarsılmağının bir səbəbi də bu adamlar idi… Bir vaxtlar, uzaq uşaqlıq illəri əsərlərini məktəb dərsliklərində sevə-sevə oxuduğu, ölkənin rəhbər vəzifələrində işləməyə başlayan dövrlər isə ara-sıra təmaslardan sonra qırıq zatlarından heyrətə gəldiyi bu simasız şöhrət xəstələri idi…
Çıxışçının sözlərini başıyla təsdiqləyə-təsdiqləyə yenə həmin o qarlı gecəni, hava limanına aparan buzlu yollarla görüşünə tələsdiyi adamsız Vətənin miskinliyindən canının darıxmağını, özünü tarixə qovuşmuş böyük simalarla sakitləşdirməyə çalışdığını xatırlayıb fikirləşdi ki, İlahinin, ağıldan savayı bütün nemətlərə layiq gördüyü bu millətə tarix boyu göstərdiyi böyük lütfkarlıqların səbəbi nədi görən?..
Tənhalıq olsun ki, onun alın yazısıdı. Bəlkə də gücü elə bunda, bu tənha yalquzaqlığındadı?!..
- İndi isə söz qəsəbəmizin ağsaqqalı, Böyük Vətən müharibəsi əlili Həmid kişiyə verilir. - ondan bir neçə stul aralıda ayaq üstə dayanan icra başçısı deyib ehmal hərəkətlərlə yerinə əyləşdi.
Fikirləşdi ki, «xalqın bu düşünən beyni», «həssas qəlb sahibləri» niyə bu gündəydi axı?!..
Zalda kimsə öskürdü, sonra öskürək tutmasında boğula-boğula ayata qalxıb ehmal addımlarla zalı tərk etdi.
Ötən həftənin qanqaraldıcı, əli qələmli söz əhlinin qan yaddaşına həkk olunacaq hadisəsini xatırladı… İki aylıq ağır xəstəlikdən sonra dünyasını dəyişmiş qocaman xalq yazıçısının ibrətamiz dəfn mərasimdən sonra deyilənə görə ədəbi mühitə içi xof dolu süst bir sakitlik çökmüşdü… dəfnə gəlməkdən ehtiyat etmiş orta və yaşlı yazıçı nəslinin hər üzvü bütün ölkənin gözü qarşısında baş vermiş bu yığcam mərasimdən öz payını götürmüşdü. Hər kəs o, ölkədə olmadığı illər biruzə verdiyi vətəndaşlıq mövqeyini bir də dönə-dönə, yuxusuz gecələr və gərgin günortalarla araşdırıb təhlil etmiş, canlarına bit-birə kimi daraşmış qorxu dolu xofunu uzaqdan-uzağa gizli-gizli bir-birinə ötürmüşdü…
Ömrünü cild-cild qalın kitablar yazmağa sərf etmiş qocaman yazıçının o, paytaxtdan uzaq dağların ətəyindəki kimsəsiz evinə sığındığı vaxtlar çıxışlarının hansı birindəsə hərzə-hərzə danışaraq, onu «əzazil diktator» adlandırmasının nə ilə nəticələndiyi nəyinki yazı əhlini, ümumilikdə bütün ölkəni sarsıtmışdı… Onun paytaxta gəlişi ilə qorxudan azarlayıb yorğan-döşəyə düşən, ötən həftənin sonlarında isə şəhər xəstəxanalarından birinin küncündə məğlub əsgər ölümü ilə ölən qocaman nasirin vəfatının ictimaiyyətə açıqlanmaması, qədirbilən oxucularının bu fövqəladə hadisədən uzun aylardan sonra xəbər tutması cızığından çıxmış məmləkətin hər üzvü üçün tutarlı həyat dərsi oldu. - fikirləşdi və adəti üzrə gərginliyini sovuşdurmaq üçün sol əlinin şəhadət barmağını qaşıdı.
- Şükür!.. Min şükür!.. Ya xuda! Fəhminə bütün xalq baş əyir!.. - Böyük Vətən müharibəsi əlili tüpürcəyini dörd bir yana sıçrada-sıçrada danışırdı…
Üzünü iki əli ilə ovuşdurdu.
Son vaxtlar üzünün dərisi quruyurdu…
Xalq öz yazıçısının ölümündən çox-çox sonralar, bəlkə illərdən sonra xəbər tutacaqdı. Bəlkə də heç xəbər tutmayacaqdı. Uzun müddət səsi-sorağı gəlməyən bu özündən bədgüman ədibi minlərlə istedadsız sovet yazıçısı kimi ölümündən xəbər tutmadan unudacaqdılar.
Fikirləşdi ki, əslinə qalsa, xalq bu yazıçısını təntənəli dəfnlə belə, bir müddətdən sonra unudacaqdı… Bircə cümləsiylə yaddaşlarda qalmayan duzsuz əsərləriylə birgə unudacaqdı və baş tutacaq dəfnin özü belə, onun cəsədinin yox, illər uzunu qənirsiz istedadsızlığıyla yazıb yaratdığı bivec «həqiqətlərin» dəfninə çevriləcəkdi.
- Çox sağ olun… - bayaqdan bəri kürsüdən sözlərin axırını yeyə-yeyə danışan müharibə əlili irəli çıxıb əvvəl zalda oturanlara, sonra çönüb ona baş əydi… elə bil dizi üstə düşmək də istədi, qoluna girib kişini bir təhər səhnədən sürüdülər.
Ayağa qalxıb kürsüyə addımladı. Salona çaxnaşma düşdü. Yaddaş instinkti işlədi. Hamı ayağa qalxıb on-on beş il əvvəlin nizamı ilə ona əl çalmağa başladılarsa da, əlini yuxarı qaldırıb:
- Əyləşin xahiş edirəm, lazım deyil. - dedi və hiss elədi ki, adamla dolu matəm örtüklü bu salondan, qara, çatmaqaşları, dəyirmi sifətləriylə yaddaşının hansısa sarımtıl hücrəsini oyadan bu adamlardan ürəyi bulanır.
- Məni bura gətirən, ilk növbədə vətəndaşlıq heysiyyətim, vətən ağrılarımdı. Bu gün hamımız üçün ağır bir gündü. - zalın dörd bir tərəfinə quraşdırılmış gücləndiricidən axan səsi salona yayıldıqca, kövrəldi... İlin, günün bu vaxtında, yaşının yetmişi haqladığı, dizlərinin taqətsizliyi günbəgün artdığı belə bir çətin zaman kəsiyində salondan yüzlərlə gözü ilə üzünə zillənmiş bu minbaşlı heyvanın cilovunu yığıb saxlamağa qadir olan bir şey vardısa, o da səsiydi… Ən etibarlı, sınanmış silahdaşı.
- …vətənin bu ağır günündə, düşmən torpaqlarımızın canına yeriyən bir vaxtda!.. Bu qardaş qırğınını törədənlər öz cəzalarına çatacaq!.. Onlar xalqın qarşısında cavab verməli olacaqlar! - dedi və salondan səhnəyə axmağa başlayan pərəstiş axıntılarından gözlərinin qaraldığını duydu…
Olsun ki, bu min bir başlı nataraz heyvandan - bu «qədirbilən», «sadiq» həmyerlilərdən nə vaxtsa, lap çoxdannan sınmışdı. Ya iyrənmişdi?.. - fikirləşdi. - Bu şüursuz insan yığnağıyla bağlı yaddaşının hansı tərəfindəsə çatlara, yaralara bənzər sağalmaz zədələr vardı elə bil. Dəqiq bildiyi bir bu idi ki, bu min üzlü yöndəmsiz heyvan lazım gəlsəydi, bu dəqiqənin içindəcə onu qırxayaq ayaqlarını andıran min bir əlləri üstə qaldırardılar, sonra nədənsə cuşa gəlib elə ordan da kəlləsi üstə yerə çırpar, tapdaq altına salardılar.
Qabaq cərgələrin hansındansa qəribə, tanış səs axdı elə bil… Ya ona elə gəldi?!.. Elə bil kimsə astadan, lap yaxından onun adını çəkdi…
Nitqinə davam edərək, qabaq cərgələrdə oturanların üzlərinə baxdı.
İrəlidə həmin çatmaqaş adamlar oturmuşdu.
- …o səbəbdən ki, ölkə bu gün çox ağır vəziyyətdədi. Müharibə, son illərin hakimiyyət dəyişkənliyi, dövlətçiliyi onsuz da laxlamış resrublikanın vəziyyətini daha da ağırlaşdırıb. İqtisadiyyat, kənd təsərrüfatı iflic vəziyyətdədir. Ordu quruculuğu haqqında heç danışmağa dəyməz. İnflyasiya, aclıq, anarxiya, ölkəni başına götürüb. Lakin biz mübarizliyimizi və sayıqlığı itirməməliyik. Hər bir vətəndaş öz yerində, iş başında… - fikirləşdi ki, bəlkə də bu qədər ümidsiz olmağa dəyməz. Bəlkə elə burda, üzləri, səhnənin gur işığından kölgələnmiş bu çatmaqaşların arasında hələ neçə-neçə sədaqətli, nəcib insanlar var?!.. Elə həmin an da gicgahı lükküldəyə-lükküldəyə fikirləşdi ki, axı niyə yenə nəcib adam axtarır?.. Niyə adam axtarır?.. Yenə noldu?!..
…İkinci sırada qara eəlağayılı qadınların arasında gözünə tanış üz dəydi elə bil…
Otuz-otuz beş yaşlı qısa saçlı, aydın, yaraşıqlı üzlü, cavan bir qadın idi, bulanıq üzlərin arasından tanış gözlərlə ona baxırdı…
Yaddaşını ələk-vələk edib bu qadını hardan tanıdığını, onunla harda, nə vaxt görüşdüyünü yadına salmağa çalışdısa da, yadına heç nə düşmədi. Qadınsa, o danışdıqca elə bil gülümsəyirdi və gülümsədikcə, ona daha çox tanış gəlirdi…
- …müharibənin qarşısını almaq!.. Bu məqsədlə bir sıra dövlətlərarası sazişlərin bağlanılması, kənd təsərrüfatı, iqtisadiyyat və eləcə də digər sahələr üzrə köklü islahatların aparılması həlli vacib məsələlər sırasındadır…
Qadın olsun ki, bayaqdannan bura ona baxırdı. Məlum məsələydi, kürsüdə danışana baxmayıb, kimə baxmalıydı ki?..
Ürək döyüntülərinin nizamını itirirdiyini hiss etdi.
- …həmin o dövlətçilik baxımından. İstəyirəm, bunu hamı bilsin!.. Artıq belə qanunsuzluqlara yol verilməyəcək!..
Fikrini ha yayındarmaq istəyirdisə də, gözlərini ikinci cərgədən - qara kəlağayılı qadınların arasından ona ağappaq şümal üzü ilə baxan qadından ayrılmaq istəmirdi…
Bu qadını elə bil çoxdan, lap çoxdannan tanıyır... Uzaq gənclik illərindən… yox, ondan da əvvəl - o əlində çubuq daşlı-kəsəkli kənd yollarında yüyürdüyü zamanlardan…
Hə, hələ məktəbə getdiyi, orda verdiyi tapşırıqlarına diqqətlə qulaq asdığı, gecələr isə yuxuda yanağından öpüb saçlarını sığalladığı həmin o cavan gəlin - tarım geyimi, dikdaban ayaqqabıları, kəsik saçları ilə kənd camaatından seçilən rus dili müəlliməsi Gülşad bacı idi…
Ürəyi düşdü. Canının hansısa əlçatmaz dərinliklərində nə vaxtsa, lap çoxdannan qaysaq bağlamış zədələrinin hansındasa tumurcuğabənzər nə isə çırtladı elə bil... Bu çırtlamadan, matəm örtüklü zalın rəngi dəyişdi.
Sonra qəfildən yenə salona, yoxsa, gözlərinin qabağına qaranlıq çökdü…
O illər təqribən bu gəlinlə bir yaşda olan Gülşad müəllimənin qocalıb, qarıyıb dünyasını dəyişdiyi, Allah bilir, artıq sümüklərinin belə çürüdüyü barədə düşünüb hövlləndi…
- …hər birimiz bilməliyik. Bu, bizim qan yaddaşımızdı!.. - deyə yumruğunu dediklərini təsdiqləyən möhür əvəzi kürsünün məhəccərinə vurdu.
Salondan gurultulu alqışlar qopdu… Qadın da əl çaldı. İmkanı olsaydı, özü də əl də çalardı. Bu doğma, qənirsiz gözəlliyə… bayaq gözlənilmədən canının ha tərəfindənsə çırtlayan həmin o bapbalaca, çəhrayı tumurcuğa...
- Sağ olun. - deyib əllərini yuxarı qaldırdı, kürsüdən çıxıb yerinə qayıda-qayıda qabaq cərgələrə nəzər saldı.
O, niyəsə əl çalmırdı… camaatla bir, ayaq üstə dayanıb qəhərli gözlərlə guya səhnəyə - əslində isə hansısa məchulluğa baxırdı… Baxdıqca badamı gözlərinin dərinliyi böyüyür, rəngi soluxurdu…
…Başı hərləndi. Səhnədən enib iri addımlarla salon boyu yeridi. Hə, bu Gülşad müəllimin oxşarı idi… elə bil o illər yuxularında gördüyü də Gülşad müəllimə yox, həmin bu ağ bənizli qadın idi...
Mühafizəçilər ətrafında toxunulmaz dəhliz yarada-yarada onunla bir irəliləyirdilər. İcra başçısı yenə yenə yanpörtü yerişlə hardasa irəlidə gedirdi:
- Şəhidlərin qohumları ilə görüşmək istəmirsiz, cənab general?..
Camaat ayaq üstəydi deyə, cərgələr bir-birinə qarışmışdı. Qadının üzünün ağlığı qarışıq bozluğun arasıyla ara-sıra işarıb yoxa çıxırdı.
- Mərhum leytenant Yusifovun anasıdı. - başçı birinci cərgənin qarşısında ayaq saxlayıb ağ saçları kəlağayının altından qıvrılan qarını təqdim etdi.
Qarı gözlənilmədən sümüklü qollarını havaya qaldırıb:
- Allah ömürümü sənə versin, bala!.. - dedi, sonra qəfildən boynuna sarılıb səssiscə hönkürdü, dişsiz ağzını qulağına dirəyib astaca:
- Düzünü de, bütün bunlar sənin üçün idi?.. - deyə pıçıldadı.
Qarını özündən kənarlaşdırıb bədənini soyuq tər basa-basa yoluna davam elədi...
- Düzünü de, mənim balam, bütün bunlar nə üçün idi?.. - qarı ağlaya-ağlaya ardıca xırıldadı. - Qardaş da qardaşa əl qaldırarmı?..
Başçının bilinməz işarəsi ilə qarının qoluna girib ehmal-ehmal ha yanasa sürüdülər.
- Oğlunu itirəndən havalanıb yazıq… - başçının pərt səsi hardansa, arxadan eşidildi.
- Bu kişinin də oğlu ölənlər sırasındadır. - başçı təqdimat növbəsini gözləyən yekəpər kişini elə arxadan təqdim etdi.
- Familiyam Salmanovdu. - kişi deyib sinəsini qürurla qabağa verdi.
- Allah rəhmət eləsin. - dedi və gözünün ucuyla növbəsini gözləyən Ona baxdı.
- Serjant Maisovun anasıdı…
- Allah rəhmət eləsin.
- Bu böyük oğlum idi, cənab general. - qadın qəhərli səslə deyib yaşmaqlandı. - İndi bircə oğlum qaldı, o da işləmir. Güzəranımız ağırdı.
- Qeyd eləyin. - arxadakılara atdı və fikirləşdi ki, bu millət ölüsüylə də alver eləyir.
- Leytenant Ələsgərovun yoldaşıdı.
- Allah rəhmət eləsin.
- Polkovnik Seyidovun həyat yoldaşı…
Onun gözləri indi lap yaxındaydı… Dustaqxana qəfəsindən boylanan doğma adamın üzünü andırırdı…
«Sən kimsən?..» - qadının sopsoyuq, yumşaq əli əlinin içində əriyib soyuğunu bədəni boyu yayırdı… - «Kimsən sən?..»
Ovcu da qadının əlini tanıyırdı… yuşaqlığını içində əzə-əzə dincəlirdi…
- Leytenant İsmayılovun atasıdı. - növbəsini göləyən orta yaşlı arıq, çəlimsiz adam ona əl uzatmadı, başını aşağı salıb səssizcə ağladı…
Bir qədərdən sonra mühafizəçilərin müşayiəti ilə zaldan çıxanda yağış çəlyirdi… Maşının başına yağalın qəsəbə əhalisi ilə vidalaşdıqca, qulağına ha tərəfdənsə, mərhum arvadının səsi dəydi...
Arvadı, aşiq olduğundan duyuq düşdüyü vaxtlarda elədiyi kimi, yatağına dirsəklənib heysiz səslə:
- Qoy heç olmasa, rahat ölüm. - dedi.
- Şəhərə neçə vaxta çatarıq?..
Qabaq oturacaqda arxası pəncərəyə köndələn oturmuş köməkçi onun qəfil sualından diksinib bloknotunu vərəqlədi:
- Səkkizə çatmalıyıq. - dedi, sonra geyirə qanrılıb - Alman səfirinin qəbulunu sabah saat 5-ə keçirdim. Hərbi kollegiyanın iclasının vaxtı da dəyişildi. - əlavə etdi. - Özünüzü necə hiss edirsiz?..
- Mən?.. Necə ki?.. - maşının yan güzgüsündən üzünə baxdı.
Rəngi avazımışdı… Sağ gözü sol gözünün sayıqlığına uyuşmayan qəribə sərxoşluqla süzülürdü. Yorğun gözlərinin dərinliyində qəribə bir işıltı yaranmışdı…
***
Köməkçi ayağa qalxdığını görüb irəli sıçradı, kreslosunun başına keçirdiyi pencəyini əlinə alıb tutmaq istədisə də:
- Lazım deyil, mən özüm. - dedi, əllərini şalvarının cibinə salıb güzgünün qabağına keçdi.
Dağınıq saçları, qalstukunun boşaldılıb böyüdülmüş düyünü ona 60-cı -70-ci illəri - evə səhərə yaxın, yuxusuzluqdan acışan gözləri, ağırlaşmış başı ilə qayıtdığı dövrləri, yolunu səhərə qədər gözünə yuxu getmədən gözləyən arvadının xəstəhal üzünü xatırladırdı…
Saçlarını geriyə hamarlayıb:
- Gələn var?.. - dedi.
- Hamı burdadı, cənab general.
- Dəvət olunanları soruşuram.
- Onlar da gəliblər.
Ürəyi atıldı:
- Hardadılar?..
- Aşağıda.
- Deyirəm, banket zalına keçirmisiniz, yoxsa…
- Xeyr, cənab general, hələ ki, hamı vestibüldədir, sizi gözləyirlər.
Banketə dəvət olunan qonaqlardan bir qədər aralıda, mərmər sütunların hansı birininsə yanında həmin qara, ipək paltarında dayanıb ürkək gözlərlə üzünə zillənmiş o qadını gördü…
Qalstukunu çəkib düyününü bərkitdi:
- Zala keçirin, gəlirəm. - dedi.
…Banket zalının gur işığından ilk əvvəl uzunsov stolun ətrafında dayananların üzlərini aydın görə bilmədi. Odu ki, aşağıdan yuxarı hamıyla bir-bir əl tutub görüşə-görüşə stolu dövrə vurdu. Axırıncı qonaqla da görüşüb yerinə keçdi.
O gəlməmişdi…
Ayağa qalxıb:
- Bir də hamınıza «xoş gəlmisiniz» deyirəm. - dedi, sonra stolun arxasında boş qalan iki kresloya baxa-baxa, yenə bir neçə ay bundan əvvəl şəhərdən uzaq kazarmada törədilən bədnam qardaş qırğınından, tökülmüş günahsız qanların yerdə qalmayacağından, bu qanlı faciəni törədənlərin ağır cəzaya məhkum ediləcəklərindən, ölkənin ağır ictimayi-siyasi durumundan, ümumxalq mənafeyi üçün görüləsi vacib işlərdən danışdi.
Uzun illərdən bəri istənilən mövzuda saatlarla sözləri, mirvarini sapa düzən tək, məntiqi ardıcıllıqla düzə-düzə söylədiyi nitqlər zamanı paralel olaraq, dediklərinə dəxli olmayan digər mətləbləri çözələmək bacarığı, ölkəyə rəhbərlik etdiyi dövrlər, ondan daha sonrakı daha gərgin dövrlər - Rusiyanın aparıcı vəzifələrində çalışdığı mürəkkəb zamanlar qazandığı unikal vərdişlərdən biri, bəlkə də ən mühüm əhəmiyyətlisi idi…
Ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan obyektiv və subyektiv səbəblər ətrafında təfərrüatlı izahat verdiyi yerdə birdən-birə yorulduğunu, daha nə düşünə-düşünə danışmaq, nə danışa-danışa düşünmək gücünü itirdiyini hiss etdi… Sözünü yekunlaşdırıb:
- Bu qədər. - dedi və yerinə əyləşdi.
Süfrə başına yığışanlar bir müddət dinməz çaşqınlıqla ona zillənib qaldılar. Elə bil təəccüblənməyə ürək eləmədilər.
- Buyurun, şam edək. - dedi və yaxınlıqda əlləri arxasında dayanıb onun buyruğunu gözləyən xidmətçiyə, badəsinə içki süzməyi işarə etdi, sonra dilinə heç nə vurmadan iki qurtum alıb çəngəl-bıçaqlarını tədricən ehmal-ehmal işə salan qonaqlara ötəri göz gəzdirdi, yarıciddi-yarızarafatla:
- Bu gün nə isə gözümə az dəyirsiz. - dedi.
Qonaqlar onun bu sözündən sonra bilmədilər gülümsəsinlər, yoxsa, ciddiləşib həyəcanlansınlar. Bir-birinə zillənib qaldılar, sonra kimsə süfrənin aşağı başından ayağa qalxıb nə ısə mızıldadı.
- Nə?.. - dedi və hiss elədi ki, hövsələsi daraldı. - Bərkdən danış görüm, nə deyirsən. - dedi.
Stolun sağ cinahında əyləşmiş çalsaçlı, yaşlı bir adam ayağa qalxıb dərsə cavab verən kimi, əllərini arxasında çarpazladı:
- Leytenant Müslümovun atasıdı gəlməyib. Ağır xəstədi. Oğlundan sonra lap düşüb yazıq. - dedi. - Bir də polkovnik Seyidovun yoldaşı yoxdu.
Üzünü yığıb yanağını qaşıdı:
- O da xəstədi?..
- Yox, o, xəstə deyil. - kimsə dedi.
- Bəs niyə gəlməyib?.. - dedi və fikirləşdi ki, burda lap ağını çıxartdı, həm də çox gözəl bir şey alındı.
- Onun da anası xəstədi. Olsun ki, qoyub gələ bilməyib. - kimsə böyürdən dedi və boğazını arıtladı.
***
…Dəhlizin yumşaq xalıları boyu addımladıqca, hiss elədi ki, başı hərlənir. Köməkçini dəhlizdə ixtisara salıb üzünü geriyə çevirmədən:
- Gecən xeyrə qalsın. - dedi.
- Xeyrə qarşı, cənab general. Yadınızdan çıxmasın, sabah…
- On tamamda.
- Oldu. Sağ olun, cənab general.
Ardınca pişik kimi yumşaq addımlarla yeriyən mühafizəçilərin yumşaq xalıların üstü ilə xışıldayan ayaqqqabılarının səslərinə diqqət kəsilib geriyə çönmədən:
- Gecəniz xeyrə qalsın. - dedisə də, arxasınca sürünən ayaq səsləri kəsilmədi.
Ayaq saxlayıb geriyə çöndü, mühafizəçilərin istidən tərləyib pörtmüş üzlərinə zillənib:
- Gecəniz xeyrə qalsın, uşaqlar. - dedi.
- Xeyrə qarşı, cənab general. - mühafizəçilər dedilərsə də, dayandıqları yerdən aralanmadılar.
Qapını açıb otağına girdi. Bir müddət qapının o üzündən, nə haqdasa astadan danışa-danışa o baş-bu başa var-gəl eləyən mühafizəçilərin səsləri eşidildi və kəsildi.
Kostyumunu soyunub qara zolaqlı ipək xalatını geydi, hamama keçib suyu açdı.
Soyuq su üzünün, boynunun dərisini islatdıqca, yadına bir vaxt səhərlər, bədəni havanın şaxtasından qızara-qızara bumbuz suya girib nəfəsi daralanacan, az qala üfüqə qədər üzdüyü günləri düşdü... içindən qorxular və təhlükələrlə müşayət olunan o uzaq illərinin ehtiraslar və çılğınlıqlar dolu şipşirin, ecazkar havası keçib getdi…
Suyu bağlayıb hamamın dəyirmi güzgüsü qarşısında sulu saçlarını narın dişli daraqla geriyə daraya-daraya üzünə, iri ölçülü ipək xalatda cüssəsiz görünən bədəninə, qığılcımı sönük gözlərinin içinə baxdıqca, bəbəklərinin lap dərinliyində yaddaşının ən toxunulmaz, ən gizli nöqtələrinə aparan namnazik, qaranlıq yolların başlanğıclarını gördü…
Bu, o demək idi ki, yaddaşı qoruma qabiliyyətini olduğu kimi saxlamışdı.
Otağa keçib televizorun qarşısındakı kresloya əyləşdi, televizoru yandırıb mizin üstünə yığılan qəzetlərdən birini açdı.
Birinci səhifədə onun milli bayrağın önündə danışan yerdə şəkli və qəzetin qoşa səhifəsini tutan çıxışı dərc edilmişdi. Qəzeti əlini darıxdırdığından, kənara atdı.
Televizorda «Xəbərlər» proqramının gecə buraxılışı gedirdi. Diktor hüznlü səslə kazarmada baş verən faciənin qurbanlarından danışırdı. Diktor mətnindən sonra ekranda faciə qurbanlarının şəkilləri sıralanmağa başladı. Şəkillərdən sonra ekranda yenə diktorun üzü göründü:
- Əziz həmvətənlər bir neçə dəqiqədən sonra siz həlak olanların yaxınları ilə görüşdən hazırlanmış reportaja baxacaqsınız. - dedi.
Reportaj onun iri addımlarla binaya daxil olmasından başladı. Üzü iri planda göründü. Sonra iri planda bir-bir onun nitqinə qulaq asanların üzləri görünməyə başladı. İnsanlar qulaq asmaqdan çox, elə bil ona tamaşa edirdilər...
Kreslonun kürəkliyinə söykənib əllərini ovuşdurdu. Əlınin biri o birindən isti idi.
Televizorda indi də üzüm tarlalarını göstərirdilər…
Bu həftə ərzində həll etməli olduğu işləri, gedəcəyi yerləri, görüşəcəyi adamları, söyləyəcəyi nitqləri yadına salıb ürəyini bulandırdı.
Yorulmuşdu, nədi?.. Yoxsa, zəifləmişdi, rahatlıq istəyirdi?.. Daha doğrusu, rahatlıq istədiyini indi hiss eləyirdi. Sonra elə bil bunu kimsə qudağına da pıçıldadı… yoxsa qapı döyüldü?..
Hə, qapını astaca tıqqıldadırdılar. Olsun ki, mühafizəçilər idi.
Özünü dikəlib:
- Gəl. - dedivə fikirləşdi ki, bu da rahatlıq.
Qapı astaca aralandı və aralıqdan içəri hərbi geyimli adam boylandı:
- Üzr istəyirəm, cənab general…
Ürəyi düşdü:
- Sən kimsən? - deyib ayağa qalxmaq istədisə də, hərbçi içəri girib qapının ağzında dayandı:
- Selektorunuz cavab vermədi, cənab general. Dedim, bəlkə lazımam, odu ki yuxarı qalxdım.
Gözlərini döyüb hərbi geyimli adamın üzünə baxdı:
- Sən kimsən?
- Mən axşam növbəsinin rəisiyəm. Leytenant Heydərov.
- Nəyin axşam növbəsinin?..
- Qarovulun, cənab general. Gecə qarovulunun növbə rəisiyəm.
- Nə istəyirsən?..
- Sizi aşağıda bir qadın görmək istəyirdi, dedim istirahət edirsiz.
- Qadın?.. Nə qadın?!. - dedi və hiss elədi necə ürəyi titrədi.
Növbə rəisi ürəklənib bir addım da irəli gəldi:
- Familiyası Seyidovadır. Üstündə sənədi də var. Yoxladım. Deyir siz dəvət eləmisiz, o isə gecikib, deyir. Bayaqkı qonaqlığa gecikib deyir. Üzrxahlıq eləyir.
Ayaqlarının altından dizləri ilə üzüyuxarı, soyuq gizilti yayıldı...
- Hardadı o?.. - deyib yenə ayağa qalxmaq istədisə, qalxa bilmədi.
Növbə rəisi elə bil onu eşitmədi, fikri hardasa ayrı yerdə mat - məəttəl üzünə baxdı.
- Deyirəm o… qadın, hardadı?..
- Burda aşağıdadı, cənab general.
- Burax, gəlsin.
- Hara, bura?..
- Bura.
- İndi gəlsin?..
Çönüb növbə rəisinin üzünə baxmaq istədisə də, növbə rəisi yoxa çıxmışdı.
Xalatını tələsik soyunub kənara tulladı, siyirtmədən çıxartığı qara üçdüyməni və şalvarı tələm-tələsik geyinə-geyinə fikirləşdi ki, banketə gəlməməyi bəlkə elə buna görəydi?..
Qapı yenə astaca döyüldü.
- Buyurun. - deyəndə o artıq tarım geyimində, saçları səliqə ilə geriyə daranmış vəziyyətdə kreslosunda oturmuşdu.
Qapı açıldı… və içəri hansısa uzaq illərin tanış, ecazkar qoxus doldu…
O yenə həmin qara, ipək paltarında idi… içəri girib qapının ağzında ayaq saxladı, yanaqları qızara-qızara:
- Axşamınız xeyir. - dedi.
Ayağa qalxıb çəkisiz addımlarla ona yaxınlaşdı:
- Axşamın xeyir. Buyur, keç. - dedi. - İstədiyin yerdə əyləş. Özünü rahat hiss elə.
- Mən… - qadın həyəcanlı idi. Bunu, hələ qapı təzəcə açılanda hiss eləmişdi. - Gecikdiyimə görə üzr istəyirəm. - dedi və susub günahkar gözlərlə döşəməyə zilləndi.
- Belə daha yaxşıdı. Yaxından tanış olarıq. - deyib susdu və hiss elədi ki, qadına deməyə sözü yoxdu. Ümumiyyətlə, bütün sözləri, fikir və duyğuları harasa yoxa çıxıb. Odu ki, ayağını ayağına aşırıb qollarını qoltuqlarında çarpazladı. - Siz yaxşısı budu, özünüzdən danışın. Danışın, necə yaşayırsız, nə kimi problemləriniz var, çətinlikləriniz nədi… - dedi və fikirləşdi ki, bu nə suallardı verir gəlinə?.. Ümumiyyətlə, niyə özünü belə itirib? Qadın qəlblərinin ən incə, gözəgörünməz tellərini havadaca tutan, əhvallarının temperaturunu, ovqatlarını gözlərinin rəngindən oxuyan o deyildi?..
Qadın dinməz-söyləməz döşəmədə tutduğu məchul nöqtəyə baxa-baxa, elə bil ona nə isə deməyə hazırlaşırdı. Olsun ki, şəhid olmuş ərinə görə təqaüd, ya mənzil almaq istəyini mümkün qədər nəzakətlə bildirməyin yollarını aryıb-axtarırdı. - fikirləşdi.
Uzun-uzadı pauzadan sonra qadın axır ki. başını qaldırdı, gözlərini o dəfəki kimi gözünün içinə - ürəyinin başına sancdı və:
- Heç bir problem yoxdu. - dedi. - Dəvətinizi alıb gəlməməyim düz olmazdı. Odu ki, gəldim. Gəldim, minnətdarlığımı bildirim. - dedi və ayağa qalxdı, elə bil yenə qızardı. - Bizə göstərdiyiniz qayğınıya görə çox sağ olun.
Birdən-birə içində nə isə burxuldu elə bil… Ayağa qalxıb qadına yaxınlaşdı, əlini əllərinə alıb yumşaq -yumşaq sıxa-sıxa:
- Borcumuzdu. - dedi.
Qadının əli isti və yumşaq idi. Başı hərləndi… Əli necəsə, öz-özünə, qadının belinə dolandı, üzü üzünə toxundu, dodaqları qulağında gəzdi...
- Sən kimsən?.. - qadının qulağına pıçıldadı.
Qadın dinmirdi… üzünü onun boynuna qısıb balaca dovşan kimi asta-asta nəfəs alırdı... sonra ürəklənib dodaqlarını onun qulağına yaxınlaşdırdı və asta pıçıltıyla:
- İş başa çatıb daha… - dedi. - Ordan bütün şəhər, bütün ölkə görünür… Dəniz də görünür… Dənizin ləpələri də, içindəki balıqlar da… Balıqların qarnındakılar da…
Qadının dodaqları elə qaynar, sözləri elə yandırıcı idi, az qaldı qulağını yandıra… Qadını özündən kənara atıb qorxudan keyimiş dilini ağzının içində zorla hərlədə-hərlədə.:
- Nə deyirsən?… - dedi. - Nə dəniz, hansı balıqlar?..
Qəfildən beynində ildırım çaxdı… Yoxsa, ildırım çöldə çaxdı?!.. Otağın işığı da azaldı…
- Sən nəyi deyirsən?.. - qadının qollarından tutub silkələdi. - Nə demək istəyirsən?..
- Yaxşı bilirsən nəyi deyirəm. - qadının üzü dəyişmişdi, bayaqkı məsum çöhrədən əlamət qalmamışdı, qara saçları uzanıb əfi ilanlar kimi çiyinlərində qıvrılırdı...
Çöldə ildırım çaxdı… İldırım həm də elə bil qadının qapqara, iri bəbəklərində çaxdı…
Yuxudan, şimşəyin səsinə ayıldı…
Verilişlər başa çatmışdı… ekran ağ-qara nöqtələrlə qaynaşırdı….
Olsun ki, səhərə az qalırdı…
** *
Nazirlər Kabinetinin yığcam iclas zalı Kənd Təsərrüfatı Nazirliyinin və İcra aparatının hürkmüş əməkdaşlarıyla dolu idi.
- …bununla bağlı əgər yadınızdadırsa, bir neçə ay bundan əvvəl həmin bu salonda deyilmişdi. Nəticə göz qabağındadı. Hələ onda demişdik ki, bu gün respublika büdcəsinin əsaslı bir hissəsini məhz bu sahələrdən gələn gəlir doldurur. Onu da demişdik ki, yığımı düzgün təşkil olunmadığından, çox hissəsi yağışın, günün altında tələf olan bu məhsulu yoldan ötənlər, qonşu respublikaların işgüzar təsərrüfatçıları daşıyıb aparırlar… - baş nazir aramla danışırdı.
Ömrünün çox hissəsi elmi əsər yazmaqda keçən bu ədəbli baş nazir elə danışırdı, elə bil üzümçülüyün və tütünçülüyün tələf olmasından həqiqətən narahat idi. - fikirləşdi.
…Gecəki yuxusunun vahiməsi hələ də canında, qadının şümal belinin ilıqlığı hələ də ovcunun içindəydi…
Bu yuxular adi görüntülər deyildi… - karandaşla qarşısındakı kağızda qarışıq fiqurlar çəkə-çəkə fikirləşdi. - Bunlar nə idilərsə, yaddaşının qapalı hissələrindən süzülüb gəlirdillər...
Bu barədə nə vaxtsa lap bu yaxınlarda hansısa qəzetdə də oxumuşdu. Həmin o məqalədə insanın şüuraltı yaddaşına daxil olub orda müxtəlif vacib əməliyyatlar aparan professor haqqında oxuduğu yazını da xatırladı…
- …onda biz təcili surətdə nazirliyin bir qrup əməkdaşını həmin bölgələrə ezam etdik, lakin nə oldu?.. Bütün bunlar nə ilə nəticələndi?.. Məhsulun yığımının təşkili barədə qərarı isə biz yalnız bu yaxınlarda qəbul etdik. Onda bütün o hazırlıqlar nə üçün idi?.. - baş nazir deyəsən, doğrudan-doğruya həyəcanlanırdı.
…Salonun ha tərəfindənsə, deyəsən alt mərtəbədən uğultu səsi gəlirdi… Elə bil hardasa yaxınlıqda yeri eşirdilər...
- Bu nə səsdi belə?.. - sağ tərəfində oturan müşavirə sarı əyilib qulağına pıçıldadı.
- Nə səs?.. - müşavir diksinib ətrafına baxdı.
- Səsi eşitmirsən?.. Elə bil yeri eşirlər.
Müşavir yaxınlıqlara diqqət kəsilib:
- Xeyr məncə… - dedi, sonra hər ehtimala qarşı başını bir də sağa-sola çevirib nə isə eşitməyə çalışdısa da, deyəsəne heç nə eşitmədi, qorxudan gözləri böyüyə-böyüyə:
- Mən eşitmirəm, zat aliləri. Heç nə eşitmirəm. - dedi.
Baş nazir sözünü yekunlaşdırıb yerinə qayıdandan sonra ayağa qalxıb ləng addımlarla kürsüyə sarı addımladı.
Salona ölüm sükutu çökdü.
Kürsüyə keçib yarıqaranlıq zala göz gəzdirdi.
- Bayaqdan hamınıza qulaq asıram, təəccüb qalmışam. Bütün bunlara nə ad vermək olar?.. - dedi və hiss elədi ki, qəzəblənməyi vacib olsa da, heç cür heç bir vəchlə qəzəblənə bilmir… daim ehtiyatda saxladığı qəzəbinin, hirsınin, hikkəsinin ucundan tutub üzə çıxara bilmir. - Bu vaxta qədər nə ilə məşğulsuz, deyə bilərsiz?.. Əgər ölkənin belə ağır məqamında da heç nə eləmək istəmirsinizsə, buna həvəsiniz, daxili ehtiyacınız yoxdursa, onda niyə o kabinetlərdə oturursunuz?..
Qabaq cərgədə əyləşmiş nazirlər onun bu sözündən hərəkətə gəlib yerlərində narahat-narahat qurcalandılar.
- Yığışdırın, bu hərc-mərcliyi!.. Bu da sizin üçün o «Azadlıq» partiyasının qurub düzəltdiyi qurama hökümət deyil!..
…Yenə elə bil hardasa yeri eşməyə başladılar... Hardasa yox, lap yaxında, budu burda, kürsünün altında... sonra necəsə, qəfildən yereşən qurğunun uğultu dolu titrəyişini düz ayağının altında hiss elədi… alnına soyuq tər gəldisə də, özünü ələ aldı…
- Nə qədər olar bu vecsizlik?.. İndi ki, biz kiminsə, hansı dövlətinsə qoltuğuna sığınmamışıq?!.. Heç kimin buyruğuyla yox, özümüz üçün, xalqımız, vətənimiz üçün çalışırıq?!.. Əgər bu cür ağır duruma sürüklənmiş xalqınıza bu gün də kömək əlinizi uzatmaq istəmirsınizsə, onda siz kimə və nəyə lazımsız?..
İclas iştirakçıları elə bil onun dediklərini eşitmirdilər, fikirləri nə isə tamam ayrı bir yerdə idi… Yoxsa bu, ona elə gəlirdi?!..
Qabaq cərgələrdə baş nazirin iki müavini, onlardan bir az arxada kənd təsərrüfatı və müdafiə nazirləri əyləşmişdilər, heç nə ifadə eləməyən üzlərlə ona elə baxırdılar, elə bil dediklərinin onlara heç bir dəxliyyəti yox idi…
Sözlərinin təsirini artırmaq üçün işə saldığı əlləri sözünə baxmır, yöndəmsiz jestlərdə danışmağa həvəssizliyini nümayiş etdirə-etdirə dəqiqədə bir yayralı quş kimi kürsünün məhəccərinə enirdi.
Məcbur olub əllərini arxasında çarpazladı.
- Bu sözlər ilk növbədə, hörmətli cənablar aiddi. - deyib ikinci cərgədə oturmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına zilləndisə də, onların heç birinin üzünün bircə əzələsi belə tərpənmədi… Üzlərinin hansı cizgiləri iləsə iri buynuzlu ev heyvanlarını andıran təsərrüfatçılar onun bu sözündən sonra da həmin bivec ifadəylə, gözlərini belə qırpmadan, aşağıdan-yuxarı üzünə zillənməyə davam etdilər… sonra nazirlərdən biri oturduğu cərgənin söykənəcəyə yayxanıb qəribə ədəbaz baxışlarla yanındakılara baxdı… və o birilər də qarınlarını qabağa verib söykənəcəyə yayxandılar... nazir özü isə gözü onun üzündə, ağzını iri-iri açıb bütün sala səs sala-sala nəriltiylə əsnədi…
…Əsəbilikdən, ya nədənsə gözləri qaraldı…
Yereşənin uğultusu getdikcə artırdı... Ya bu, ona elə gəlirdi?!..
Ürəyi əsəbi-əsəbi döyündü… sözünü yarımçıq saxlayıb gözlərini qıya-qıya zalın nəzərdən keçirdi...
Arxa cərgələr də söykənəcəyə yayxanıb qarınlarını qabağa vermişdilər, ədəbazlıq dolu həyasız baxışlarla üzünə zillənmişdilər... Bütün zal onun gözləri qarşısında qarnını qabağa verib yayxanmışdı…
Çönüb rəyasət stolunun arxasında oturanlara baxdı… Orda da oturanlar ona zillənmişdilər… kürsünün altını hardansa altdan eşən inadkar qurğunun səsinə diqqət kəsilmişdilər...
Hamı hər şeyi bilirdi… Ehtiyatda saxladığı qəzəbini nə vaxtsa, necəsə, hardasa itirdiyini, canlarına bit-birə salan o qaprara kinini artıq işə sala bilmək qüdrətində olmadığını hamı necəsə anlamışdı... Odu ki, qollarını qoltuqlarına vurmuşdular, söykənəcəklərə yayxanıb bütün bu tamaşanın nə ilə sona yetəcəyini gözləyirdilər…
Dəhşətdən qulaqları uğuldadı... Sözünü yekunlaşdırmadan, kürsündən çıxıb səssiz addımlarla yerinə qayıtdı.
Dizləri əsirdi...
Uğultu kəsmişdi.
- Nə deyirsiz, deyirəm bəlkə bu günlük bəsdi, bitirək iclası?.. Yoruldunuz deyəsən… - sol tərəfində oturan baş nazir qulağına sarı əyilib pıçıldadı və cavab gözləmədən, səhnənin o başında kiməsə işarə elədi.
* * *
…Məqbərənin, adamboylu ağır qapıları kip bağlı idi... Qapıların qabağında əlində ucu süngülü silah, ayaqlarını çiyinləri bərabərində aralı qoyaraq dayanmış cüssəli əsgərin üzünün bircə əzələsi belə tərpənmirdi...
Məqbərəni ziyarətə gələnlərin növbəsi tikilini əjdaha quyruğu kimi dövrəyə almışdı… soyuqdan büzüşmüş adamlar narazı üzlərlə yerlərində vurnuxa-vurnuxa, itələşə-itələşə deyinirdilər…
- …elə bil ora girənin qarnını doyuracaqlar. - irəlidə dayanan başı yaylıqlı arvadlardan hansısa deyib hikkəylə güldü.
- Di açın görək də-ə... Biz görmüşük, fasilə mağazada olar, qastronomda olar. Fasilə onun nəyinə gərəkdi axı?!.. Bəlkə deyəcəksiz, durub oturub narah edir?.. - növbə əhlinin arasından kimsə hikkəylə deyib əsəbi, qırıq gülüşlə güldü… o birilər də ona qoşulub əsəbi gülüşlə hırıldadılar...
Növbədə baş verənlər nəhəng oyuncağı andıran çəhrayı bənizli əsgərin üzünün ifadəsini dəyişmədi. Əsgər elə bil ebonitdən idi.
Çox keçmədi ki, kimsə növbədən kənara sıçrayıb əsgərlə üzbəüz dayandı, əllərini belinə vurub:
- Bura bax, sən özünü ələ salırsan, ya bizi?.. - dedi. - Səhərdənnən gözləyirik, deyinib-danışırq, sənsə rus allahı kimi elə dayanıb durmusan. İndi guya bu boyda camaatı görmürsən də, hə?.. Görmürsən, yazıqlar soyuqdan necə gömgöy göyəriblər?.. İnsanda bir insaf olar, mürvət olar. Gör ki, sözlərin özü də oxşardı: in-san, in-saf...
Kişinin bu sözündən gizli əmr almış tək cuşa gələn növdə əhli əsgərin üstünə cumub ona əlləri üstə qaldırdılar… burda məlum oldu ki, sən demə, əsgər doğurdan ebonitdən imiş… və qışqırışa-qışqırışa onu harasa üzüaşağı apardılar…
Məqbərənin ətrafı bomboş boşaldı…
Əllərini şalvarın ciblərinə salıb Məqbərənin giriş qapılarına yaxınlaşdı, ağır bürünc qulpundan yapışıb özünə sarı çəkdisə də, qapılar yerindən tərpənmədi...
Arakəsmənin ensiz zolağından içəri baxıb gördü ki, qapılar arxadan qala darvazalarının kilidini andıran yoğun kilidəbənzər nə iləsə möhkəm bağlıdı...
Üzünü qapının arakəsməsinə dirəyib içəri zilləndi…
İçəri yarıqaranlıq idi… ədəva qoxusunu andıran qəribə tüstü qoxusu gəlirdi…
Gözlərini qıyıb içərinin yarıqaranlığına diqqətlə baxdı…
Solğun şam işığının işıqlandırdığı yarıqaranlıq boşluqda uzunətəkli, qara əbalarda o baş-bu başa gəzişən adamları tanımadı… Sonra kiminsə gözü, qapının o üzündən, elə həmin arakəsmədən onun gözünə zilləndi və gözün sahibinin:
- Gəlmisən?.. - deyən qaynar pıçıltısı eşidildi.
- Hə. - o da niyəsə pıçıldadı.
Qapının ağır kilidi yerindən oynadı və qapılar cırıliıyla aralandı…
Konusvari ağ papağı, sinəsində işıldayan gümüşü xaçıyla pravoslav keşişlərini xatırladan üzünətəkli əbalı çalsaqqallı qocanı görəndə ürəyi qırıldı…
Keşiş İosif idi, onu içəri ötürüb qapını bağladı, kılidin ağır qırmağını yerinə oturtdu, sonra çönüb mərhəmət və sevgi dolu gözləriylə üzünə baxdı, əlini çiyninə qoyub həmin mülayim səslə:
- Ardımca gəl… - dedi və qəribə bir rahatlıqla, xırda, yumşaq addımlarla Məqbərənin dərinliyinə addımladı.
Keşişin ardınca yeridikcə, ani tələskənliklə bu xristian təriqətli din xadiminin bura necə, hardan gəlib düşdüyünü müəyyənləşdirməyə çalışdısa da, yaddaşı Moskvanın mərkəzi kilsələrinin şam işığıyla işıqlandırılan yarıqaranlıq otaqlarındən savayı xatirində heç bir görüntünü oyatmadı…
…Bürünc pyedestal qoyulmuş əsas zal adamla dolu idi… Adamlar Məqbərənin sədəf və gümüşlə işlənmiş naxışlı divarlarına, minalı işləmələrlə dolu uca tavanına tamaşa edə-edə, asta-asta gəzişir, zalın mərkəzi hissəsində yerləşdirilmiş pyedestalın önündə ayaq saxlayıb şəkil çəkdirirdilər.
Keşiş İosif pyedestalın baş tərəfinə keçib ayaq saxladı, bir neçə dəfə xaç çəkib ağzının içində eşidilməz dua oxudu….
…Zalın işığı zəif idi deyə, şəffaf qutunun içində uyuyanın üzü dəqiq görünmürdü…
Şüşənin üstünə əyilib mərhumun üzünə yaxından baxmağa ürək eləmədi… əllərini arxasında çarpazlayıb fəxri qarovulunda dayanan tək, matəm sükutuna daldı…
Keşiş İosif də susdu… bir müddət onunla bir sanki matəm sükutuna daldı… sonra bir də xaç çəkib təzim etdi və çönüb səssizl addımlarla ha yanasa uzaqlaşdı…
…Oğrun-oğrun ətrafına baxdı… yaxınlıqda heç kimin olmadığından arxayanlaşıb şüşənin üstünə əyildi və qutunun içində yatanın üzünə yaxından baxdı…
Dəhşətdən az qaldı ürəyi dayana…
- Bu ki…
- Bəli, bəli. - kimsə amiranə səslə arxadan dedi. - Belə alındı. O öldü, onu da əbədiləşdirdilər...
- Axı bəs…
Danışan kim idisə, sütunun arxa tərəfində dayanmışdı… üzü aydın görünmürdü. Səsi də tanış deyildi.
Ürəyi sıxıldı… Fəxri xiyabanda basdırılmaq arzusuyla yanıb-yaxılan tədbirli xalq şairinin bu qəfil ölümü elə belə deyildi… Bu, onun şəxsiyəti əleyhinə yönəldilmiş tədbirli düşmən siyasətinin bariz göstəricisi idi… - dişlərini qıcıya-qıcıya fikirləşdi... - …sivişib bu dəqiqə bu yarıqaranlıq darısqallıqdan çıxmalı, bu şübhəli ölüm aktının mahiyyətini araşdırmaq üçün iş yerinə qayıtmalı, Dövlət Təhlükəsliyi nazirini təcili çağırtdırıb onunla bir sıra şübhəli məqamlara aydınlıq gətirməlidi…
Pyedestaldan kənarlaşıb çıxışa aparan sağ cinaha yönəlmək istədisə də…
- Olmaz-olmaz, camaat bayaqdannna sizi gözləyir. - tanış qaramtıl üzlü adam yolunu kəsib ehtiram dolu hərəkətlərlə onu, Məqbərənin mərkəzində qoyulmuş mikrafona sarı ötürdü:
- Buyurun, lütfən. Xalq sizi eşitmək istəyir.
Bayaqdan zal boyu dağınıq nizamsızlıqla gəzişənlər ayaq saxlayıb bir yerə toplaşmışdılar… həsrət və nigaranlıq dolu gözlərlə üzünə zillənmişdilər…
Mikrafonun arxasına keçib boğazını arıtladı, parlaq natiqlik istedadını işə salıb:
- Mərhumun sətirləri yadıma düşür… - dedi və ...
…Şüşə qutunun içində yatan xalq şairin vətən sevgisinə həsr olunmuş məşhur şeirindən deməli olduğu sətirlər hansı möcüzəyləsə yaddaşından silinmişdi…
Yaddaşı, verilişləri bitib başa çatmış televizor ekranı kimi, bomboz bir bozluqla bozarmaqdaydı…
…Camaatın diqqəti onda idi... Adamların arasından kimsə, bayaq Məqrəbənin qabağına yığılmış növbədə hay-küy salan arıq kişinin səsinə oxşar civiltili səslə:
- Danış də, noldu?.. Həmişə bulbul kimi ötən sən döyildün?.. - dedisə də, bir adam gülmədi…
…Əsəbilikdən başı hərləndi… Yoxsa yer tərpəndi?..
Dayandığı yerdə sərxoş büdrəmələrlə harasa geriyə səndələdi… gözlərini açıb yuxulu-yuxulu ətrafına baxdı…
…Maşının qəfil zərbəsindən qabaq oturacaqdakıların alınları qanamışdı… köməkçinin alnının qanı üzünün bir tərəfi ilə axıb yaxalığının qızartısını bir az da artırırdı…
Sürücü burun yaylığını alnına basıb maşından düşdüsə də, bir neçə addım atıb taqətsizlikdən dizi üstə düşdü…
Müşayiət polisi maşını dörd bir yandan əhatəyə almışdı… maşının salonuna soxulmuş mühafizəçilərin gövdələri arasından böyümüş gözlərlə içəri boylanırdılar…
Hardansa uzaqdan, yaxınlaşmaqda olan vertolyotun uğultusu eşidilməyə başladı…
Maşının rabitə xəttində kiminsə bağıra-bağıra:
- 62!.. Cavab ver!.. 62!.. Cavab ver!..
- Sizə heç nə olmayıb, cənab general?.. - mühafizəçinin əlləri əsirdi… onun qabırğalarını, dizlərini yoxlardı…
İrəlidə, müşayiət motosikletlərindən biri aşmışdı… sürücüsü gözə dəymirdi... olsun ki, zərbədən harasa, kənara atılmışdı… Bir də müşayət maşınlarından biri yolun kənarındakı iri gövdəli palıda dirənib qabaq hissəsini əzmişdi…
Özünü dikəldib:
- Burda nə baş verib?.. - deyə soruşdusa da, səsindəki həlimliyə özü də məəttəl qaldı.
- Siz maşında qalın, xahiş edirəm. - mühafizəçi deyib salondan sivişdi.
- Sol yoldan qəfildən yük maşını çıxdı… - yanında döyükmüş gözlərlə oturmuş cangüdəni dedi. - Elə bil yerin içindən çıxdı...
- Heç nə başa düşmədim. Burdan ki, maşın yolu yoxdu?!..
Cangüdən böyümüş gözlərlə yolun sol hissəsinə baxıb çiyinlərini çəkdi… ona nəyisə anlada bilmədiyi üçün elə bil pərt oldu.
- Geriyə qayıdırıq, yolları nəzarət altına alın!.. - köməkçi hardasa, arxada alnının qanını yaylığına hopdura-hopdura deyəsən, telefonla danışırdı. - Tünd yaşıl yük maşını… Nömrəsini dəqiq görə bilmədim. Axır nömrəsi əlli altıydı deyəsən… Əlli altı!..
Vertolyotun uğultusu ağız deyəni eşitməyə imkan vermirdi…
Sürücü yerinə qayıdıb maşını işə saldı, qanı qurumaq üzrə olan yaylığını oturacağın yan qutusuna atıb heysiz səslə:
- Bunların işindən Allah da baş açmaz. - dedi.
Kortej yolun ortasından burulub geriyə - paytaxta aparan yolla şəhərə sarı götürüldü… Əzilmiş müşayət maşını və motosikl arxada qaldı.
Yan güzgüdən arxaya - ətrafı getdikcə adamla dolan polis maşınına baxa-baxa:
- Onlarla kim qaldı? - soruşdu.
- Orda adam var. Rayona xəbər vermişəm, indi gələcəklər. - köməkçi nəfəsi təngiyə-təngiyə dedi.
Onunsa burnuna təntənəli dövlət dəfnlərində yenicə basdırılmış tanınmış mərhumların məzarları üstə qalanan matəm əklillərinin iyi gəldi…
Qalstukunun düyününü boşaldıb fikrini dağıtmağa çalışdı.
…Sürücü dinib danışmırdı, bayaqkı vahiməni canında əridə-əridə, saralmış bəniziylə yola baxırdı…
Cangüdən də dinmirdi... heç yeri əzilmədiyindən, ya ayrı nədənsə pərt olmuşdu elə bil...
İrəlidə yolun ortasına doluşub maşınlarını qarşısını kəsən ala-bula qoyun sürüsü göründü... Qoyunlar yolun mərkəzi hissəsinə toplaşıb balaca üzlərini maşınların pəncərələrinə vura-vura, şüursuz gözlərlə mçəri baxırdılar, itələşə-itələşə yolun o biri üzünə yeriyirdilər...
Köməkçi geriyə çönüb günahkar üzlə:
- İrəlidəki postu ala bilmədim. - dedi - Yol təmizlənməyib…
Sürü maşınları içinə salıb, qapılarını, təkərlərini taqqıldada-taqqıldada, təzəcə qırxılmış xırda, cod tükləriylə toz-torpağını təmizləyə-təmizləyə keçib gedirdi...
* * *
Otağına daxil olanda canında bayaqkı hadisənin ölüm qoxulu havasından zərrə qədər əlamət qalmamışdı… İqamətgahın ətirli akasiya kollarıyla, məxmər yarpaqlı şam ağaclarıyla dolu həyəti sinirlərini bayaqdan bəri tarımda saxlayan qorxusunu bircə anın içində əridib yoxa çıxarmışdı.
…Dəhlizin adamboylu güzgüsündə yorğunluqdan altı torbalanan gözlərinə baxdıqca, bu səhərki iclası, cərgələr boyu qənbər sifətlərlə üzünə zillənən nazirlərin bivec vücudlarını, günorta qəzasında yaralanan polis əməkdaşlarının, köməkçinin və sürücünün qanlı sifətlərini xatırladı…
Pencəyini soyunub stulun başına keçirdi, otağın bir tərəfində dinməz müntəzirliklə dayanıb əmrini gözləyən xidmətçi qadına:
- Sən get. - deyib hündür söykənəcəkli kreslosuna əyləşdi üz-gözünü ovub anlaşılmaz sərxoş ahənglə ləngiyən ürək döyüntülərinə diqqət kəsildi…
Vaxtı ilə şəhərin bu əlçatmaz hündürlüyündə alınmaz qala kimi ucaltdığı bu dörd bir yanı əlisilahlılar dolu iqamətgahın səskeçirməz divarlarının kövrəkliyindən, bircə həmləyə ovulub qum kimi yerə səpiləcək arakəsmələrinin davamsızlığından içi titrədi... Son günlərin qarmaqarışıq yuxularını… altı su çəkən möhtəşəm tikilini xatırladı…
Yuxuları, laqeydliklər və saymazlıqlar dolu iclaslar, bayaqkı qəza… hər şey bir-birini sirli ardıcıllıqla tamamlayırdı…
…Yuxusuzluqdan gözlərinin içi acışdı.
Yenə yuxusu gəlirdi… Bu nə yuxu azarı idi, yaxasından əl çəkmək bilmirdi?!.. - göz qapaqları ağırlaşa-ağırlaşa fıkirləşdi, yuxusunu qaçırmaqdan ötrü ayağa qalxıb hamama keçdi, orda krantı açıb üzünü soyuq suyla bir xeyli yudu, sonra əl-üzyuyanın üstündən asılmış güzgüdə suyun çəhrayılaşdırıb təravətləndirdiyi üzünə baxdı…
Yuxu suyun soyuqluğundan göynəyən sifətinin gözəgörünməz kapilyarlarıyla basmaya hopan kimi, dərisinin alt qatna çəkilirdi… göz qapaqlarının, qaşlarını altına dolurdu, acı zəhər tamlı badam iyi qoxyurdu…
Gözü qəfildən köynəyinin yaxasına - sinəsinin üstə qızaran kiçicik qan damlasına sataşdı…
Barmağını suya batırıb ləkəni yümaq istədisə də, sulu ləkə böyüyüb qanını bir qədər də genişliyə yaydı… həm də elə bil təzələndi.
Burnuna qan iyi dəydi… əti çimçəşdi və yadına düşdü...
Köməkçinin qanı idi, olsun ki, qəza vaxtı köynəyinə sıçramışdı.
Köməkçinin üzünün çaşqın ifadəsi, bunun ardınca bayaqkı iclasda ifadəsiz üzlərlə ona zillənən nazirlər gözünün qabağına gəldi…
Sui-qəsddən hamıdan əvvəl bu tamahkar əbləhlər xəbər tutmuşdu… onların bayaqkı o özünəarxayınlıq dolu yekəxana oturuşları bundan xəbər verirdi… - gözləri qarala-qarala fikirləşdi. - Bu dəqiqə Prezident aparatın da, ondan bir neçə məhəllə aralıda ucalan Nazirlər Kabinetinin möhtəşəm tikisi də otaqlar boyu vurnuxub orda-burda məlumatlar dolu son xəbərlər barədə xısınlaşan ağ köynəkli, çevik adamlarla dolub daşırdı… onun əleyhinə gizli planlar cızır, nə isə hazırlayırdılar…
…Onunsa yuxusu gəlirdi… Gözlərinin içi aylarla yuxu görməyən kimi şirin heysizliklə acışır, dirsəkləri dizləri ilə bir boşalır, beyni vücuduna yayılan ilıq rahatlığın içində yumşalıb əriyir, bədəni yumşaq-yumşaq giildəyirdi…
Kabinetə keçib yazı masasının arxasında əyləşdi, stolüstü lampanın düyməsini basıb yarıqaranlıq dəhlizə diqqət kəsildi...
Qapının o üzündən - dəhlizdən asta-asta söhbətləşən mühafizəçilərin səsi gəlirdi...
Mühafizəçilər - xüsusi təhlükəsizlik təlimi keçmiş 25-30 yaşlarında cüssəli cavanlar qapının o üzündəki kreslolarda əyləşib danışırdılar...
Ayağa qalxıb ehmal addımlarla qapıya yaxınlaşdı...
- …dünənki qəbuldan sonra. - hansı birisə yarıpıçıltıyla deyib susdu. - Hələ heç kim bilmirdi. Heç bizimki də bilmirdi.
- Onu hələ bilmək olmaz. Onun işindən, Allah da baş açmaz. - o biri daha astadan pıçıldadı.
- …çörək də olmaz. - birincinin uzun-uzadı cümləsinin yalnız sonunu eşitdi. - Elə deyirlər.
- Demək ayrı, eləmək ayrı. Məlum məsələdi. - o biri pıçıltıyla danışsa da, səsi aydın eşidilirdi… - O da insandı. Bütün insanlar qocalır.
Mühafizəçinin güclə də olsa, eşidilən axırıncı sözlərindən sağ gözü yığılıb pis-pis bulandı… sonra bulantı o biri gözünə keçdi və otağın işığını azaltdı.
Son günlər onu sirli casus kimi qarabaqara izləyən yuxu hücumlarının keyləşdirib səngitdiyi sayıqlıq qabiliyyətini itirəndən sonra yol verdiyi səhvlər, kütləvi tədbirlərdə, rəsmi görüşlərdə buraxdığı irili-xırdalı səhvlər zəncirvari nizamla bir-birinin ardınca düzüldü...
Daimi yuxulu hallarla müşayət olunan son bir neçə ayı özünə yaraşmayan başdansovdu hövsələsizliklə yekunlaşdırıb yaxa qurtardığı, yaxud, axıra çatdırmadan, yarımçıq saxladığı həlli vacib məsələlər, bu səhərki müşavirədə oynadığı uğursuz qəzəbi, qabaq cərgələrdən üzünə gizli istehzayla zillənən nazirlər, ölümüylə nəticələnməli olan yol qəzazı, yersiz ehsan ziyafəti…
- …həkimi deyib. - qapının o üzündə xısınlaşan mühafizəçilərdən hansısa yenidən dilləndi.
- Heç inandırıcı deyil. - o biri dedi və kreslonun dəri oturacağını xışıldada-xışıldada deyəsən, yerini rahatladı.
- Nə inandırıcı deyil?..
- Sən dediyin. Görən özü bilir?..
- Bilər yəqin, nə bilim?!.. Bəlkə də bilmir. Bunu kim bilə bilər ki?..
Mühafizəçılərin danışığı gicgahının əsəbi lükkültüsü içinndə eşidilməz oldu… qulağı qəribə bir uğultuyla doldu və o, demək olar, daha heç nə eşitmədi…
Qapının dəstəyini ehtiyatla burub dəhlizə çıxdı.
Mühafizəçilər ayağa sıçrayıb çaşqın hərəkətlərlə üst-başlarını sahmana saldılar.
Bir anlıq gicgahı əsəbi lükkültülərlə döyünə-döyünə qapının ağzındaca dayanıb cavanların pərtlikdən ağarmış bənizlərinə zilləndi.
Mühafizəçilərdən birinin ürəyi şiddətlə vururdu. Bunu oğlanın ürək kimi döyünən sol gicgahından hiss elədi.
- Gedin, uşaqlar, gecdi daha. - dedi və deyəsən, gülümsədi. Sonra çönüb içəri keçib qapını bağladı və bir qədər də dəhlizdə dayanıb qaldı.
Qapının o biri üzündən eşidilən xəfif xışıltı səsindən, mühafizəçilərin qapıdan uzaqlaşdıqlar da, elə də uzağa getmədklərini anladısa da, geri qayıtmadı, otağa keçib yazı masasının arxasına əyləşdi.
Masanın kənarında səliqə ilə üst-üstə yığılmış qəzetlərdən birini əlinə alıb açdı. Qəzetin arasından sürüşüb döşəməyə düşən bağlı zərfi qaldırıb qaldırıb üstünə yazılmış «Polkovnik Süleymanovdan» sözlərini oxudu. Məktubun onun masasının üstün hansı möcüzəylə düşdüyünü fikirləşməyə hövsələsi çatmadı.
…Boz polkovnik… Dağıdılmış hərbi hissənin komandiri. Beş-on əlisilahlı ütük kəndçi-kündçüdən özünə «qoşun» düzəldib başıpozuq iqtidarın «zülmü altında inləyən» xalqı xilas etməkdən ötrü «cəngavər-sərkərdə» rolunda paytaxta soxulan əfsanəvi Boz polkovnik…
Polkovnikin dinməz əsəblikdən gərilən damarlı üzü, məkr dolu inadkarlıqla bir-birinə sıxılan dördkünc dodaqları gözünün qabağına gəldi…
Polkovnikin gizli istəyinin mahiyyəti gün işığı kimi aydın idi. Yaxın günlərəcən, əyalət şəhərlərindən birində kustar ticarətlə məşğul olmuş bu otuz beş yaşlı xırda iş adamı olsun ki, müharibə bölgələrindəki miskin qələbələrinin layiqincə mükafatlandırılması arzusundaydı.
Gecəylə şəhərdən uzaq hərbi hissəyə göndərilən əlisilahlı dəstəni darmadağın edib keçmiş iqtidarın burnunu ovduğuna görə bu cəsur adam həqiqətən, mükafata layiq idi. - fikirləşdi və məktubu açıb oxudu.
«…Cənab General!..
Dəfələrlə Sizə yazdığım məktublarıma, teleqramlara, telefon zənglərimə cavab verməmənizi özümə təhqir hesab edirəm. Keçmiş iqtidarın ölkədə yaratdığı hərc-mərcliyin qarşısının alınmasında, haqqın, ədalətin zəfər çalıb Sizin - xalqımızın yeganə, əvəzolunmaz rəhbərinin hakimiyyətə qaytarılmasında mənim xidmətlərim danılmazdır. Bu və digər xidmətlərimi nəzərə almanızı, həmçinin, müharibə bölgələrində yaranmış acınacaqlı durumun aradan qaldırılması ilə bağlı məni qəbul etmənizi rica edirəm.
Hörmətlə: Polkovnik Süleymanov S.N.»
Selektor bippildədi. Dəstəyi qaldırdı.
- Cənab general!.. - mühafizə alayının rəisi idi.
- Eşidirəm.
- Polkovnik Süleymanov burdadı. Sizi görmək istəyir.
İçindən bumbuz gizilti keçdi, boğuq səslə:
- Kim buraxıb onu bura?.. - dedi.
- Deyir, sizin göstərişinizlə gəlib. Buraxılış vərəqəsi də var.
- Hansı göstəriş?.. Hansı vərəqə?.. Mən heç bir göstəriş verməmişəm!..
- Aydındı, cənab general.
Dəstəyi asıb gözləri qarala-qarala, polkovnikin qəbulu barədə göstəriş verib-vermədiyini yadına salmağa çalışdısa da, yadına, son həftələr bir-birinin ardınca verdiyi saysız-hesabsız göstərişlər düşdü…
Qapının kilidi tərpəndi… Yoxsa, ona elə gəldi?..
Əlini selektorun düyməsinə atdı.
O üzdə dəstəyi qaldıran olmadı…
Tələsik hərəkətlərlə pianoda çalan tək, o biri düymələri də basdı.
Nömrələrin heç biri cavab vermirdi…
Alt mərtəbələrdən yeraltı təkanları xatırladan uğultu səsləri eşidilirdi...
Aşağının uğultusundan döşəmə və divarlar, pəncərə şüşələri və büllur çilçıraq xırda-xırda titrəyırdı…
Bu, zəlzələ deyil… - yerindən təppənmədən fikirləşdi və hiss elədi ki, alt mərtəbənin uğultusundan döşəmə ilə bir dizləri titrəiyr...
Qəfildən anladı. Boz polkovnik... Son ayların uğursuz sui-qəsdlərinin gizli müəllifi...
Bir anın içində iqamətgahı dörd bir yandan əhatəyə alan əlisilahlı dəstələrin səssiz hücumlarla vestibülə daxil olmasını, pillələr boyu dəstə-dəstə axışan qara ləçəkli əsgərlərin dəhlizlərə doluşub arakəsmələri zəbt eləməklərini necəsə, öz gözləriylə gördü…
Qapının dəstəyini o üzdən elə bil yenə tərpətdilər… və o, qapının o tayında qaramtıl kölgə kimi dayanıb qapınınn qulpunu xəbis-xəbis tərpədən Polkovnikin hikkədən qaralıb gərilmiş üzünü gördü… əli, özündən xəbərsiz, masanın alt siyirməsinə sürüşdü... siyirtməni çəkib rəfin içinə sivişdi, bir müddət oraları səssiz vurnuxmalarla ələk-vələk edib xırda ölçüsü və şümallığı ilə alışqanı andıran tapançanı tapdı... O biri əlini də siyirtmənin içinə salıb ilan xışıltısıyla arxa küncünə süründürdü, orda barmaqlarının yaddaşıyla tapdığı şəffaf qutunun üstünə qonub içindəki soyuq güllələri bir-bir o biri əlindəki tapançanın içinə yığdı… gözü yarıqaranlıq girəcəkdə, ehmalca ayağa qalxıb nəfəsi darala-darala, səssiz addımlarla girəcəyə sarı yeridi…
Girəcəyin qapısı aralandı…
Özünü cəld kənara atıb divar şkafının böyrünə qısıldı… nəfəsini saxlayıb dəhlizə diqqət kəsildi…
Hardansa alt mərtəbələrdən hərbi çəkmələrinin kobud dabanlarını yerə vura-vura, dəstə-dəstə yuxarı qaçan əsgərlərin nəfəsləri eşidilirdi…
Dəhlizdə də kimsə vardı…
Bədənini mümkün tarımlıqla qapının arxasına qısıb gözlədi…
Dəhlizin yarıqarnlığında aralanan qapının arxasında kimsə vardı…
Tapançanın tətiyini çəkib hazır vəziyyət aldı. Bədənini, keçmiş illərin xüsusi təlim keçmiş hazırlıqlı əzələlərinin yaddaşıyla gərib qıvraq bəbir sıçrayışıyla dəhlizə atıldı... Sağ əlinin şəhadət barmağı tətiyi ardıcıl nizamla basa-basa, qaranlıq dəhlizin mümkün tərəflərində qurşaqdan yuxarı, yanpörtü, çöməli vəziyyətlərdə dayana biləcək Polkovnikin bədənini güllələdi…
…Güllələr hədəfi aldı və dəhlizin sol küncünə qısılmış kiminsə əlindən taqqıltıyla yerə dəyən tapançanın səsi eşidildi… və kimsə yarı bükülü vəziyyətdə ləngər vurub qapıya söykəndi, sonra dəhlizin dıvarlarına sürtülə-sürtülə bir neçə addım atdı və içi qənbər dolu çuvalın ağırlığıyla yerə sərildi…
… Əlini, vahimədən vücudu soyuya-soyuya divar boyu gəzdirib işıq düyməsini tapdı… düyməni basdı və gördüyü mənzərədən az qaldı ürəyi dayana…
Tapança keyimiş əlinin içindən yerə düşdü… boğazı qəhərdən tutula-tutula dizi üstə yerə düşüb qaldı…
…Sevimli arvadı sönməkdə olan donuq gözlərini tavan boyu hərləyib onun üzündə saxladı… sınəsinin qanına bulaşan əli qanı yanaqlarına yaxa-yaxa:
- Axı niyə… niyə belə elədin?.. - deyib ağrı dolu səslə zarıdı…
…Dəhşətdən başının tükləri qabara-qabara, diz-dizi sürünüb, neçə illərdən bəri görmədiyi doğma üzə yaxından baxdı… Bir qədər də yaxına gəlib qadınının başını dizləri üstə qoydu, yanağının qanını barmaqlarıyla silə-silə ağladı... Dəhlizə dolan ayaq səslərinin getdikcə yaxınlaşdığını, girəcəyə doluşub onu dörd bir yandan əhatəyə alan kobud əsgər uzunboğazlarının tələsinə düşdüyünü hiss edib başını qaldırmadan, səssizcə ağlaya-ağlaya:
- İstəmirəm… heç nə istəmirəm… - dedi. - Nə istəyirsiz, edin. Daha mənə heç nə lazım deyil.
…Hamıdan arxada - qapının ağzında uzun, boz şineldə dayanan Polkovnik rəhm və qələbə dolu gözlərlə ona zillənmişdi.
- Çıxın gedin. - hiss elədi ki, səsi titrəyir. - Gedin, deyirəm sizə!.. - bu dəfə əmr etdi.
Onda polkovnik həmin o rəhmli üzüylə yanındakılara işarə verdi və əlisilahlı əsgərlərdən biri dəhlizə qaçıb tez də geriyə qayıtdı.
Çox çəkmədi ki, içəri, uzun ətəkli əbada keşiş İosif daxil oldu… əlindəki zəncirdən asılmış dəmir gürzü tüstülədə-tüstülədə, qalın səsiylə oxumağa başladı… sonra hansısa uzaqlıqlardan kilsə zənglərinin səsi eşidilməyə başladı… və o, başını yuxarı qaldırıb tavan əvəzinə, son ucu göyün ucqar dərinliklərində bitən qüllələlərin işləmələr dolu mavi naxışlarına, tanış sütunların üstə bərkidilmiş məşhur tarixi şəxsiyyətlərin barelyeflərinə baxdı…
Sonra əsgərlərdən daha ikisi iti addımlarla üstünə yeriyib üzbəüz dayandılar, əllərindəki tüfənglərdən atəş açıb onu güllələdilər…
…Yuxudan dik atılıb dodaqlarını yalamaq istədisə də, dilini tərpədə bilmədi. Ağzı uzun müddət mürgü içində yarıaçıq qaldığından dilini qurutmuşdu…
Stolüstü lampanın işığı sübhün sütül şəfəqlərinin xəfif bəyazlığında əriyib itməkdəydi…
Məktub bağlı vəziyyətdə qəzetlərin arasındaydı.
* * *
…Səhnəyə qalxanda, zalda pıçıltı gəzdi… Yoxsa, ona elə gəldi?!..
Keçib rəyasət stolunun arxasındakı yerini tutdu.
Kürsüdə bəlağətli nitqlə danışan müdafiə naziri söznü kəsib narahat gözlərlə ona sarı çöndü.
- Davam edin. - amiranə səslə dedi və gözaltı zala göz gəzdirdi.
Müdafiə naziri döyüş bölgələrindəki vəziyyətlə bağlı nə isə təfərrüatlı incəlinlər barədə məlumat verirdi...
- İndicə başlayıb. - dövlət müşaviri müdafiə nazirinə işarə ilə qulağına pıçıldadı.
Müşavirdən dağ bitkisinin ətrini andıran qəribə tanış ətir qoxusu gəlirdi…
Elə bil dünən o, bomboz yollarla şəhərdən uzaq kazarmaya yollananda, bu tədbirli müşavir burda ətirli-çiçəkli dağ ətəyinin ilıq çəmənliklərində dincəlməklə məşğul olmuşdu.
Müşavirin gözünün içinə zilləndi.
Bitib-tükənməz təşkilati məsələlər bolluğunda çabalamaqdan üzü daim faşist düşərgəsinin əsrinin üzünü xatırladan müşavir elə bil bu bir neçə günün içində özünə gəlmişdi, yanaqları qəribə çəhrayılıqla allanmış, gözlərinin içi aydınlaşmışdı. Qəfil baxışından, ya nədənsə çaşıb yöndəmsiz təbəssümlə gülümsündü:
- Hər məruzəyə on dəqiqə vaxt ayrıldı. - dedi.
Zalın diqqəti həmişəki kimi onda idi. Ona tamaşa elədikcə, elə bil hamı nədənsə doyurdu…
Sağ tərəfində ciddi görkəmlə oturub başını qaldırmadan qarşısındakı kağızda nə isə yazan baş nazir onun baxışlarını hiss eləsə də, başını qaldırmağa, çönüb üzünə baxmağa deyəsən, ürək eləmədi.
Uzaqgörən və tədbirlidi. - fikirləşdi. - Yoxsa, bu neçə ili o, paytaxtdan uzaq şəhərdə, dağların döşündə bitmiş kimsəsiz evinin tənha yalquzaqlığını yaşadığı vaxtlar ona o sevgi dolu, kövrək məktubları yazmazdı.
- …adi yanacağın çatışmaması, əlavə döyüş sursatının ordu hissələrinin yerləşdirildiyi bölgələrə atılmasına ciddi əngəllər törədir… - müdafiə naziri eynəyinin altından oxuduğu vərəqi o biri üzünə çevirdi.
-Yanacağın çatışmaması səbəbi sizi ümumiyyətlə maraqlandırıbmı?.. - qəfildən müdafiə nazirinin sözünü kəsdi.
Nazir döyüküb eynəyini burnunun ucuna endirdi, çönüb xoflu baxışlarla onun üzünə zilləndi. Elə bil sualın ona ünvanlandığını dəqiq anlamadı.
- Bəli-bəli, sizinləyəm. Bir az da bu barədə danışın. - dedi və qollarını qoltuğuna vurub stulun kürəkliyinə söykəndi.
- Mən əlbəttə ki, maraqlanmışam, zat-aliləri. - müdafiə naziri özünü bir qədər dikəldib kəkələdi. - Dəfələrlə bu barədə Yanacaq Komitəsinə müraciət də etmişəm, amma… - deyib sözün dalını gətirə bilmədi.
Üçüncü cərgənin sol cinahında oturan Yanacaq naziri yerində narahat-narahat qurcalandı.
- Danışın-danışın. Siz müraciət etmisiz və…
- Onlar hər dəfə, bizə lazım olacaq yanacağı verməyə imkanlı olmadıqlarını bildirirlər və mən düşünürəm ki...
- Siz maraqlanmıısınızmı niyə, səbəb nədi?.. Bəlkə bu, Komıtə rəhbərliyinin şəxsi şıltaqlığı, yaxud, sizin şəxsiyyətinizə olan qərəzli münasibətidi?..
Müdafiə naziri xırda gözlərini, bir-birinin ardınca havaya atılan xırdalıqları tələsik oxuyan tək, o yan-bu yana qaçıra-qaçıra, gah ona, gah da pərt üzü ilə üçüncü cərgənin sol cinahından səhnəyə zillənən yanacaq nazirinə tuşlaya-tuşlaya köntöy sükutla susub qaldı…
Müdafiə nazirini çaşqınlıqdan qurtarmaq üçün:
- Məsəl üçün deyirəm… - dedisə də, nazir özünə gəlmədi.
Nazirin bu vəziyyətindən sağ tərəfində oturanlar da yerlərində narahat-narahat qurcalandılar. Zala pıçhapıç düşdü…
- İstəyirəm onu da biləsiz ki, yanacaq çatışmazlığı ilə bağlı indicə dedikləriniz sizə şərəf gətirmir.
Müdafiə naziri balıq ağzını andıran balaca ağzını açıb elə bil isə də demək istədi… amma demədi.
- Buyurun, nə isə demək istəyirdiz.
- Mən?!.. - nazirin üzü vahimə dolu gərginliklə əyildi.
Naziri sona qədər dinləməyə səbri çatmadı:
- Əyləşə bilərsiz. - deyib sağ tərəfində, ətrafı nigaran baxışlarla ser edən baş nazirə baxdı.
Müdafiə nazirinin titrək əlləri məruzənin mətni yazılmış vərəqləri sahmanlaya bilmədi, səhifələri necə gəldi komalayıb bir yerə yığdı və saralmış bəniziylə kürsünü tərk etdi.
İclas salonuna uzun-uzadı gərgin sakitlik çökdü.
Baş nazir başını aşağı salıb qarşısındakı təmiz vərəqdə nə isə qaralamağına davam etdi.
İclas əhli ortaya düşən pərt sakitlikdən, ya onun cərələrarası gəzişən təəssüf dolu baxışlarından yığılıb balacalaşdılar, girdə başlarıyla, gərginlik və qorxu saçan rəngsiz üzləriylə bir-birinə oxşadılar…
- Kimin nə ilə məşğul olduğu hamıya məlumdu. - çoxdannan bəri itirmiş tanış kini hansı möcüzəyləsə geriyə qayıtmışdı. - Kim nə ilə nəfəs alır, o nəfəsi necə alır, o da məlumdu.
Baş nazirin əlinin əsəbi hərəkətiylə sol gözünü ovduğunu gözünün yanıyla tutdu. Gərgin vəziyyətlərdə sol gözünü ovmaq adəti baş nazırin çoxdankı vərdişiydi. Ən gərgin məqamlarda baş nazirin gözlərini acışdıran, olsun ki, içinə qəfil həmləylə dolub damarlarını donduran xof dolu qoxudan, ya nədənsə toxumabatoxuma böyüyüb genişlənən, irilib gözünün ağını tutan bəbəkləridi. - fikirləşdi.
Baş nazir başını mikrofona yaxınlaşdırıb boğuq səslə:
- Hərbi hissədə baş verən faciənin nəticələri ilə bağlı çıxış üçün söz - istintaq komissiyasının sədri… - bu yerdə baş nazirin səsi tutuldu. Mikrofonun ağzını ovcuyla bağlayıb gözləri yaşara-yaşara, boğula-boğula harasa kənara öskürdü, sonra gözünün suyu axa-axa:
- Əhməd Məlikova verilir. - dedi və stolun üstündəki qrafindən stəkana su süzüb ehtiyatlı qurtumlarla içdi.
İstintaq komissiyasının sədri keçmiş iqtidar nümayəndələrindən olan çəlimsiz vücudlu, uzunburun bir adam idi, yöndəmsiz hərəkətlərlə yeridiyindən, bədənindən xeyli iri ölçülü kostyumunu əynində çalxalaya-çalxalaya səhnəyə qalxıb kürsüyə keçdi.
Qəfildən yenə ürəyinin təyyarədəki kimi enib-qalxdığını, uzun-uzadı fasilələrlə susub nizamsız döyüntülərlə axdığını hiss etdi…
Hamısı neçə ayların, hələ bəlkə ondan da əvvələrin psixi yorğunluğunun nəticəsi idi... Uzaq əyalət şəhərciyində keçirdiyi üzücü fasilənin, ondan əvvəlki gərgin Moskva dövrləri canına yığdığı təhlükələr və şübhələr dolu yorğunluğun nəticəsiydi. - fikirləşdi… çıxışçının, tütək səsini andıran həlim səsini dinlədikcə, yadına, bu gecəki yuxusunu - əlində tapançası, yarıqaranlıq otağının vahiməli kölgələr dolaşan küncləri ilə casus xofu ilə sürünməyini, qapının aralığından içəri sivişən naməlum qaraltını amansız güllə-barana tutmağını xatırladı… qan izi yanağında qurumuş donuq gözlü naməlum qadının üzünü xatırlamağa çalışdısa da, yaddaşı bir-birinə dəxli olmayan qırıq epizodlarla dolub daşdı…
Yaddaşını gərib neçə illər bundan əvvəl dünyasını dəyişmiş sevimli həyat yoldaşının üzünü xatırlamağa çalışdı və çaşıb qaldı…
Ömrünün az qala, əlli ilini birgə yaşadığı qadınının üzü yaddaşından yerli-dibli silinmişdi...
Geriyə söykənib üzünü hər iki əli ilə ovuşdura-ovuşdura fikirləşdi ki, yuxuda öldürdüyü görən kim idi?.. Əgər həyat yoldaşı deyildisə, onda niyə dizi üstə düşüb o qədər ağlayırdı?..
…Yenə gözləri acışırdı… acışa-acışa göz qapaqlarını ağırlaşdırırdı. Yenə dincəlməyi gəlirdi… bütün bədəni ilıq rahatlığın içində əriyə-əriyə, balışını qucaqlayıb yuxuya getməyi gəlirdi…
- …elə deyilmi, cənab general?.. - istintaq komissiyasının sədri sözünü yarıda saxlayıb ona zillənmişdi...
Komissiyanın sədriylə bərabər bütün zal ona zillənmişdi… hamı ölkə üçün həyatəhəmiyyətli olan nəyinsə həlli barədə onun nə deyəcəyini gözləyirdi... Olsun ki, komissiya sədri baş vermiş faciə ilə bağlı hansısa əsaslı mətləbə toxunmuşdu…
- Bəlkə də elədi. - özünü toplayıb təmkinlə dedi - Amma belə bir ciddi məsələ ilə bağlı bu cür tələsik nəticə çıxarmaq olmaz. Təqdim etdiyiniz materiallar, hadısə haqqında hələ tam təsəvvür yaratmır. Bu hadisə daha ciddi araşdırmalar, dəqiq faktlar, situasiyaya incədən-incə yanaşma tələb edir. - dedi və hiss elədi ki, əlləri soyudu. İlk dəfəydi ki, fikirləri çıxışçının dediklərini eşitməyə imkan verməmişdi… Bu necə olmuşdu?.. - zala göz gəzdirə-gəzdirə fikirləşdi.
İstintaq komissiyasının sədri onun cavabından məmnun olub çıxışına davam elədi.
Gözlərini qıymadan, üz əzələlərini gərginlətmədən, qabaq cərgədə oturanları nəzərdən keçirdi, sonra gözucu yanında oturanların da vəziyyətini yoxladı.
Hamı bayaqkı kimi, yenilməz səbr və təmkinlə natiqi dinləyirdi.
Fikrini toplayıb diqqətini çıxışçının nitqində cəmlədisə də, bir qədərdən sonra özünü onda tutdu ki, yenə bayaqdannan bəri danışılanları eşitməyib.
Ürəyi sıxıldı... elə bil əlləri bir az da soyudu.
Son vaxtlar əlləri yaman tez-tez soyuyurdu. Qanı pis işləyirdi, nədi?..
Əllərini yaxşı-yaxşı ovuşdurdu ki, qanını hərəkətə gətirsin, sonra stolun üstünə qoyub qocalığın əyib tanınmaz hala saldığı barmaqlarına zilləndi.
Barmaqları uzaqlıq uşaqlıq illəri ara-sıra yolu düşdükcə kəndlərində qonaq olan, qoclıqdan beli əyilib dizləri bükülmüş qozbel qaraçı qarını yadına saldı… Ömrü uzunu yadına düşməyən bu yad qarını hansı möcüzəylə xatırladığını düşünüb əsnədi… Daha doğrusu əsnəmək istədisə də, ağzına yığdığı hava əsnəyinə dolmadı. Zaldan maraq dolu neştərli baxışlarla üzünə zillənənlərin üzü əsnəməyinə mane oldu.
Fikrini adamlardan yayındırıb axır ki, əsnədi… əsnədikcə, üzbəüz cərgələrdən ona qoşulub ağızlarını iri-iri aça-aça əsnəməyə başlayanları sezdisə də, əsnəməyini kəsə bilmədi...
Yuxusu gəlirdi… Zal boyu yuxulu üzlərlə cərgələnənlərə baxa-baxa, yuxynun cəngindən bir də heç vaxt qurtara bilməyəcəyini anladı… Yatdıqca yuxudan doymayan, yuxularına real həyatdan çox bağlanmağa başlayan genaralın ölkəsində baş verənləri - onu yuxulu vəziyyətdə devirib dəli azadlıq sevdasıyla binaların, maşınların üstünə dırmana-dırmana vəhşi bağırtılarla bağıranların qalibiyyət dolu üzlərini gördü…
Yuxular onun axırı idi. - fikirləşdi və yuxuların sümrücü təsiri barədə oxuyub eşitdiyi məlumatları yadına salmağa çalışdısa da, anladı ki, bu barədə heç nə oxumayıb.
Bu, nə xəstəlik idi, nə qocalıq. Bəlkə adi yorğunluq idi?.. - sağ əliylə sol ovcunu qaşıya-qaşıya fikirləşib çıxışçıya baxdı və onun dedilklərini başıyla təsdiqlədi. - Əgər yorğunluq idisə, yuxudan-yuxuya tikilən o Məqbərə nə idi?..
Sonra gözü çıxışçıda, yaxın günlər əlinə keçən hansı qəzetdəsə oxuduğu bir məktubun mətni düşdü…
Məktubu naməlum familiyalı bir ana yazmışdı. Qadın narkomaniya azarına düçar olmuş oğlunu bir neçə hipnoz seansıyla müalicə etdiyinə görə kiməsə öz minnətdarlığını bildirirdi... Səhv eləmirdisə, bu, psixiatr idi. Özüdü ki, var, axır ki, xatırladı… amma familiyasını yadına salmağa çalışdısa da, yadına düşmədi. Məktubun altında redaksiyadan verilən P.S. - də yuxularla bağlı əlavə olunmuş cümləni isə dəqiq xatırladı… «…həmçinin yuxu qarabasmalarını yaradan xəstə nöqtələrin də müalicəsini həyata keçirən qocamanprofessor…» …familiya ilə isə yaddaşında yer almamışdı. Veysəlov idi, yoxsa, Verdiyev?..
Sonra prfessorun, məktubun yan tərəfində yerləşdirilmiş şəklini - dalğın gözlü, dəyirmi eynəkli üzü xatırladı və çıxışçıya sarı çönüb:
- Sizə deyim ki, saydığınız o artilleriya qurğuları dedıyiniz mənbələrdən yox, yaxın qonşuluqda yerləşən respublıkalardan alınır. Silahların bir hissəsi isə son məlumatlara görə bölgələrə xarici təyyarələrlə gətirilir. Sözünüzə davam edin. - dedi və hardansa yadına, bir vaxtlar yolu düşdüyü əcnəbi ölkələrin birinin vağzalında rastlaşdığı, boş vaxtını öldürmək xatirinə falına baxmağa icazə verdiyi beli bükük qaraçı qarının onun ölümü ilə bağlı dedikləri düşdü…
- Buna ölüm də demək olmaz, bala!.. Şəkli o üzünə çevirən kimi, sənin də üzünü o biri dünyaya çevirəcəklər...
IV FƏSİL
- …Professor!.. Professor!.. Professor!..
…Professor yuxudan dik atılıb ətrafına baxdı… Otağın işığı gecədən yanılı qalmışdı. Gün artıq yuxarıda idi. Üzbəüz divardakı kəfkirli saat doqquzun yarısını göstərirdi.
Qəribəydi ki, bədənində elə bir rahatlıq, gümrahlıq hiss eləyirdi, elə bil birdən-birə on il cavanlaşmışdı. Həm də elə bil bu gecə… - professor bunu fikirləşəndə, saçlarının dibi gizildədi. - …həm də bu gecə yuxuda elə bil bütün ömrünü yaşamışdı.
Böyrü üstə çönüb yuxuda gördüklərini yadına salmağa çalışdısa da, yadına demək olar, heç nə düşmədi. Nə isə ara-sıra yumşaq-yumşaq əlinə, ayağına dəyən ağ buludları, qəribə tülvari örtükləri xatırlayıb qırıq-qırıq əsnədi.
Dəqiq olanı bir bu idi ki, professor bu gecəki yuxudan sonra ömrünü artıq başa vurduğunu, onu bu dünyayla daha heç nə bağlamadığını əlini, ayağını hiss eləyən kimi, qəribə bir rahatlıqla hiss eləyirdi. Bu gecəki yuxusunun hələ də canında qalan izləri professorun uşaqlıqdan bura görüb-tanıdığı, bacardığı qədər qavrayıb anladığı bu dünyadan artıq doyduğundan xəbər verirdi.
…Dəhlizdən telefonun zəif zəngləri eşidilirdı…
Ağzına zəhər tamlı acılıq gəldi.
Olsun ki, klinikadan zəng vururdular.
Ayağa qalxıb döşəmənin soyuğu topuqlarını üşüdə-üşüdə dəhlizə çıxdı.
- Sabahınız xeyir, professor!.. - baş həkimin katibəsi idi. - Hardasız, professor?..
- Mən?.. - qızın köntöy suallarına öyrəncəliydi. - Evdə.
- Deyirəm, xəstələnməmisiz ki?.. - katibə dedi və elə həmin dəqiqə onun cavabını gözləmədən. - Bütün klinika bir-birinə dəyib. Hamı sizi axtarır. İşə niyə çıxmamısız?..
- Nolub ki, məni axtarırlar?..
- Heç nə olmayıb. Bəydadaş sizi axtarır. (Baş həkimi klinikada belə çağırırdılar.) Səhərin gözü açılandan: «Veyisov» deyib dad eləyir. Bu gün səhərdən o vəziyyətdədi. Elə bil dəli olub. Soruşuram: «nolub?», demir. Elə deyir: «tap onu», vəssəlam. İndi nə deyim, gələcəksiz?..
Baş həkimin dana üzünü xatırladan donuq sifəti gözünün qabağına gəldi...
- Denən gəlirəm. - deyib dəstəyi asdı.
Olsun ki, yenə yuxarılardan zəng olub. Yenə kimsə xəstələnib. - fikirləşdi və bir müddət yorğanı çiynində dəhlizin ortasında dayanıb qaldı… sonra mətbəxə keçib işığı yandırdı və gözü, srağagünün axşamından stolun üstünə səpilib qalan cücü tozuna sataşdı.
Kətilə əyləşib başını əlləri arasına alıdı və xatırladı…
Sumağı rəngli cilidi qopuq bloknot… hər kolunun altı vahimə saçan girişsiz bağ…
Ürəyi pis-pis bulandı. Ayağa qalxıb krantın dəstəyini burdu. Krantdan nazik şırımla qəhvəyi rəngli çirkli su axdı…
Son iki gün ərzində nələr baş verməmişdi?.. Bunların hansının yuxu, hansının gerçək olduğunu müəyyənləşdirmək ala toranlıqdla ağ sapı qara sapdan ayırmaq qədər müşkül idi.
Çox güman ki, «xəstə tərcüməçi» haqlı idi. Dediyi o qədim əlyazmaya görə də belə çıxırdı ki, akademiklə o eyni bir yerdə - həmin o «Astana» deyilən təhlükəli zonada olmuşdular. Akademik ölmüşdü. O isə hələ ki, sağ idi… hələ ki, müvəqqəti olaraq, qorxunc ölüm elçisinin ona sarı uzanan əlinin nəhəng kölgəsi altında zamində idi…
Sonra qəfildən nə oldusa, həmin o sirli kölgəni professor birdən-birə elə ordaca - krantın qabağında dayandıcı yerdə, dörd bir yanı qarısını xatırladan doğma əşyalarla dolu balaca mətbəxin hər küncündə hiss elədi…
Mətbəxin bir tərəfinə - professorun dayandığı hissəyə birdən-birə elə bil axşam düşdü… Ya bu, ona elə gəldi?..
Vahimədən bədəni yığıldı…
Günlərin bir günü insandan çox nəyinsə - hansısa əcayib çöl heyvanının siluetini andıran bu sirli kölgə küçə ilə getdiyi yerdə, ya evindəcə oturub günəşin erkən şəfəşqlərinin gecənin vahiməsini dağıdacağını gözlədiyi məqam quzğun kimi üstünə şığıyıb iti caynaqlarını xirtdəyinə keçirəcəkdi, onu yorğan-döşəyindən, ya oturduğu kreslosundan qoparıb özü ilə Ora - bozumtul dibsiz burulğanların cövlan etdiyi həmin o sarımtıl, gedər-gəlməz məkana aparacaqdı.
Bu fikir professoru dayandığı yerdən laxladıb irəliyə atdı…
Kölgə göz qırpımında sivişib ha yanasa yox oldu.
Bir müddət mətbəxin ortasında dayanıb dura-dura qaldı, sonra üşüyə-üşüyə otağa qayıdıb çarpayısının kənarına oturdu, gecədən çıxarıb yerə atdığı soyuq corablarını ayaqlarına keçirə-keçirə dünənki axşamı - dörd bir yanı qorxunc simmetriya ilə bir-birini təkrarlayan yarıqaranlıq, vahtməli bağı xatırladı… Bədəni damarları boyu yeriyən qorxudan uçuna-uçuna, küləkli-fırtınalı bağın qaranlıq cığırlarıyla çıxışı axtarmağını, quş səsləriylə dolu darısqal qaranlıqlarla gizli casus kimi ehtiyatla irəliləməyini, onu sirli itaətlə müşayət edən adamüzlü, qara iti xatırladı…
Evə çatıb qapını möhkəm-möhkəm açarlamağı, gecədən xeyli keçənəcən televizorunda qabağında oturub bütün kanalların verilişləri bitənəcən gözləməyi, hey otağın ha tərəfindənsə ilıq hava axıntılarıyla sızıb əlinə, ayaqlarına dolanan yuxularının cənginə keçməməkdən ötrü səhərin gözü açılanacan qəhvə içməyi və yalnız dan yeri söküləndə - günəşin kal şəfəqləri göylərin qaranlığını dağıtmağa başlayanda yuxusuzluqdan ağırlaşmış vücuduyla özünü çarpayısına salmağı da yadına düşdü.
Bu gecəni belcə zülümlə başa vurub boz gödəkçəlinin qırmağından qurtula bilmişdi.
Krantın suyu axdıqca durulurdu…
Dünənki bağ yuxularında düşdüyü həmin o vahiməli qaranlıqlar dolu sirli ərazinin davamına oxşayırdı…
Professor çaydanın qapağını açıb krantına altına tutdu, su çaydanın içini doldurduqca, dünənki bağla yuxularında düşdüyü həmin o «astana» deyilən məkanı ümumiləşdirən əlamətlərin nə olduğunu dəqiqləşdirməyə çalışdısa da, bununla bağlı təsəvvüründə zərrə qədər olsun, aydınlıq yaranmadı.
Təsəvvürü bulanıq su kimi tutqun və qaranlıq idi…
Çaydanın qapağını bağlayıb qaz pilətəsinin üstünə qoydu, kibriti əlinə alıb alışdırdığı yerdə qəfildən ağlına gələn növbəti fikirdən, diksinib yanar çöpü əlindən saldı…
…Bu gecəki yuxusunu qətiyyən xatırlamırdı...
Bu gecəki yuxusunu onun yaddaşından qəsdən silmişdilər. Hələ ola bilsin, bu gecə onunla nə isə eləmişdilər.
Hə, dəqiq nə isə eləmişdilər. - professor nəbzi ləngiyə-ləngiyə fikirləşdi - Yaddaşını dəyişmişdilər… ya da ruhunu oğurlamışdılar…
Ya da olsun ki, bu gecə Bozgödəkçəli axır ki, özünü ona yetirmişdi, qapılarının ağzına çatıb orda Allah bilə nələr eləmişdi?!.. Bəlkə də artıq öldürmüşdü onu?!..
Bu fikirdən ürəyi sıxıldı... Çaydanın altını yandırıb üzbəüzdəki pəncərənin şüşəsinə düşən əksinə baxdı.
…Pəncərənin tozlu şüşəsindən ona, yastı burnu, qalın, çal bığları və girdə gözlüklü eynəyi ilə qoca boz bayquş baxırdı…
* * *
…Baş həkimin selektorunun həyəcan siqnalını xatırladan səsi klinikanın bütün dəhlizləri boyu eşidilirdi. Baş həkim özü isə əlləri az qala dirsəyinəcən xalatının ciblərində, əsəbilikdən qaralan üzüylə kabinetinin girəcəyində dayanmışdı, onu görən kimi:
- Belə olmaz, professor, işə gecikirsiz.
- Gecəni pis yatmışam.
- Həkimlərə gecələr yatmaq buyrulmayıb.
- Elə niyə?.. - professor deyib eynəyinin altından baş həkimin üzünə zilləndi.
- Elə belə, söz gəlişi dedim. - baş həkim deyib pərt-pərt gülümsədi, sonra qəfildən ciddiləşib bir qədər astadan. - Sizi axtarırlar, professor. Bayaqdannan düz üç dəfə zəng vurublar.
- Kimdi yenə?..
Baş həkim başını onun qulağına yaxınlaşdırıb lap astadan:
- Nazir özü zəng vurmuşdu. - dedi və gözləri ilə nəyəsə işarə elədi.
- Nazir?..
- Bəli, nazir özü. - baş həkim deyib kabinetinə daxil oldu, başıyla pəncərədən görünən həyətə işarə edib. - Sizi aparmağa maşın da göndərib. Bayaqdan budu burdadı. - dedi.
Səhiyyə nazirinin köpək balığının üzünü xatırladan qaramtıl kölgələr dolu yırtıcı üzü gözlərinin qabağına gəldi.
- Yenə evinə getməliyəm?.. - professor dedi və ciblərini eşələyib kabinetinin açarlarını axtardı.
- Yox, hələ ki, nazirliyə.
- Nazirliyə niyə?.. - kabinetin açarı elə bil cibindən buxarlanmışdı.
- Bilmirəm. - baş həkimin çiyinlərini əsəbi-əsəbi atdı.
- Başa düşmədim. - professor dedi və fikirləşdi ki, kabinetin açarını hardasa salıb itirə bilərdi.
Baş həkim çaşqın üzlə:
- Mən də bayaqdan onu deyirəm. - dedi və bu dəfə çiyni elə bil öz-özünə atıldı. Səsini yavaşıdıb başıyla haranısa yuxarıları göstərə-göstərə:
- Deyirəm, bəlkə oralarda nə isə olub?.. -
- Haralarda?..
Baş həkim «oraları» indi də gözləriylə göstərib:
- Yuxarıları deyirəm. - dedi. - Elə bil nazir özü də bilmir nə məsələdi.
Baş həkimin bu hərəkəti professora balaca akademiki - onun «oralar» deyə-deyə, gah balaca şəhadət barmağıyla, gah gözləriylə haranısa arxanı, tavanı göstərməyini xatırlatdı…
Baş həkim «yuxarılarla» bağlı yenə nələrsə dedisə də, professor onun dediklərini eşitmədi.
Olsun ki, beyni hələ uzun müddət bu vəziyyətdə olacaqdı. - baş həkimin üzünə baxa-baxa fikirləşdi. - İndi həmin bu durğunluq halında olan beyni ilə o kiməsə diaqnoz qoymalı, kimisə müalicə etməliydi. Ən pisi də o idi ki, kabinetinin açarları yoxa çıxmışdı və bu dəqiqə professoru hər şeydən çox bu darıxdırırdı.
Açarı bayaq qapıdan çıxar-çıxmaz, paltosunun cibində yoxladığını, sonra bütün yolu cibində saxladığı ovcunda sıxmağını xatırladı...
-…məndən dönə-dönə soruşdu ki, «bu, həmin o Veyisovdu?..» Mən özüm də çaşbaş qaldım. Dedim, hansı - «həmin»?.. O özü də deyəsən, heç bilmədi söhbət kimdən gedir. Dedi «Təcili gəlsin.» Maşını düz bir saatdı burdadı.
Professor sağ əlini bir az da dərinə saldı, cibinin dəlmə-deşiksiz olduğunu yəqin edəndən sonra fikirləşdi ki, açarın cibindən itməyinin tək bircə variantı qalırdı: açarı o özü, klinikaya gəldiyi yolun hansı döngəsindəsə, öz əliyə cibindən çıxarıb atmışdı…
- Başa düşmədim, indi məni çağıran kimdi?.. - professor hövsələsi darala-darala dedi və əlindəki çantanı yerə qoydu.
- Onu vallah, mən də bilə bilmədim.
Baş həkimin domba gözləri həyəcandan qan çəkib qabarmışdı.
Professor fikirləşdi ki, gərək bayaq katibə evə zəng vuranda, zirək tərpənib ya xəstələndiyini, ya da nə isə ayrı bir səbəbi bəhanə gətirib işə çıxmayaydı.
- …onu bu vəziyyətdə birinci dəfədi görürəm. - baş həkim deyib fikrə daldı.
- Hansı vəziyyətdə?..
- Belə çaşqın. - baş həkim fikirli-fikirli dedi, sonra qəfildən başını yuxudan ayılmış kimi qaldırıb. - Deyirəm bəlkə işdən çıxarılmaq söhbəti var, hə?..- dedi və şüursuz gözlərlə professorun üzünə zillənib qaldı.
Professor baş həkimin heykəlləşmiş vücuduna baxıb başa düşdü ki, heç bir bəhanəylə bu çağırışdan boyun qaçıra bilməyəcək. Odu ki:
- Yaxşı, mən hara getməliyəm?.. - dedi.
- Elə bilirsiz, bilirəm?..
* * *
…Professorun səhiyyə nazirinin əntiq xalılar döşənmiş geniş qəbul otağına daxil olmağıyla, otağın bu nəhayətsiz genişliyi içində hədsiz balaca və çəlimsiz görünən incə bədənli, gülümsər üzlü katibənin selektorun dəstəyini qaldırıb qısa, anlaşılmaz mətnlə nə isə deyib dəstəyi asmağı bir oldu. Elə həmin dəqiqə də ayağa sıçrayıb nəzakətlə onu nazirin otağına - qəbul otağından xeyli yığcam, səliqəli otağa ötürdü.
Nazir onu işıqlı otağın yuxarı başında - dəyirmi masasının önündə ayaq üstə gözləyirdi. Onu görüb, bəzi hissələri döyülmüş kimi qançır olub qaralan uzunsov sifətiylə gülümsədi və iri addımlarla qabağına yeridi, əlini hər iki əlinin içində bərk-bərk sıxa-sıxa:
- Xoş gəlmisiniz, professor… - deyib ehtiramla ona yer göstərdi.
Professor, üzünün hansı əzalarıylasa köpək balığını andıran bu naziri birinci dəfəydi görürdü. Qırx beş illik həkimlik praktikasında, bundan əvvəlki naziri çıxmaq şərti ilə nazirlərin heç birinin üzünü görməmişdi. Bu nazir professorun klinikada işlədiyi qırx beş ilin ərzində hər beş-altı ildən bir dəyişilən nazirlərin deyəsən səkkizincisiydi.
- Sizi görməyimə şadam, professor. Necəsiz, işləriniz necədi?.. - nazir yağlı bas səsiylə dedi və cavab gözləmədən - Məni olsun ki, xatırlamırsız, mən isə sizin qızıldan qiymətli öyüdlərinizi həmişə xatırlayıram. - deyib gözlədi, sonra - Ən sevimli müəllimim siz olmusunuz. - dey əlavə etdi.
- Ola bilsin. - professor deyib dəyirmi stolun ətrafına düzülmüş hündür söykənəcəkli stullardan birinə əyləşdi.
- Təəccüblü deyil. O qədər tələbəni yadda saxlamaqmı olar?.. - nazir deyib acı bir təbəssümlə gülümsündü və keçib dəyirmi stolun o biri üzündə professorla üzbəüz əyləşdi.
Əsas mətləbə girişi doldurmaq üçün nazirə söz axtarmaq lazım olmadı. Olsun ki, onun gəlişinə ciddi hazırlaşmışdı, ya da ola bilər, nazir həm də «boşluq doldurmaq üzrə» mütəxəssis idi. - professor yerində qurcalana-qurcalana fikirləşdi, sonra nazirin qan çəkmiş gözlərinə, yüngülcə tərləyən alnına baxa-baxa, bu tədbirli adamı qorxudub həyəcanlandıra biləcək mümkün və qeyri-mümkün səbəblər barədə fikirləşdi.
Nazir heç cür əsas mətləbə keçməyə ürək eləmirdi, tələbəlik illərinin çətinliklərindən, imtahanqabağı keçirdiyi həyəcanlardan danışır, danışdıqca, elə bil bir az da qaralırdı.
- …Mühazirələrinizi bu gün də yadma salanda, özümü o illərdə hiss eləyirəm…
Nazir danışdıqca, professor məkr və qəddarlıq dolu bu xoşagəlməz vücudla nə vaxt, neçənci ildə, harda rastlaşdığını xatırlamata çalışdısa da, yaddaşı minlərlə tanış-yad sifətlər arasında axtardığı bu üzü tapa bilmədi.
- Professor!.. - nazir axır ki, söhbətin giriş hissəsini yekunlaşdırıb əsas mətləbə keçmək qərarına gəlmişdi. - Baş həkiminiz sizə ucundan-qulağından deyib yəqin. - deyib professorun gözünün içinə zilləndi və üzü qəfil dəyişkənliklə ciddiləşdi, bayaqdan bəri gözlərinin üstündə yoğun, qara zolaq kimi qaralan cod qaşları hərəkətə gəlib əsəbi titrəyişlərlə dalğalandı. - Sizi bura çağırmaqda məqsədim… - nazir bu yerdə yenə susub qəribə casus baxışlarıyla harasa, kənara baxdı, nə isə fikirləşib sözünə bir də yenidən başladı. Səsini mümkün qədər endirib, - …indi sizə deyəcəklərim bir qədər konfidensial xarakter daşıyır. Burda məxfilik məsələnin ilkin şərtlərindən biridir. - nazir deyib içi nigaranlıq dolu sınayıcı baxışlarla professora zilləndi.
Professor söhbətin nədən getdiyini anlamadan, sakitcə:
- Buyurun. - dedi, özü isə dünənin axşamından silinmiş yaddaşını necə bərpa edəcəyi barədə fikirləşdi.
- Siz, sahibi gizli saxlanılmalı olan çox mötəbər bir ünvana getməli olacaqsız. - nazir qısa tərəddüd fasiləsindən sonra dilləndi, sonra səsini bir qədər də azaldıb, - Bu axşam saat on səkkiz otuzda sizin həyətə 10 - 00 nömrəli maşın gələcək. Siz o maşına minib dediyim həmin o ünvana gedəcəksiniz. Təəssüf ki, o ünvanın dəqiq yerini və xəstənin kimliyini sizə deyə bilmirəm. - dedi, sonra professora sarı əyilib qəfil həyəcanla - Bircə bunu deiə bilərəm ki, bu, şəxsən onun öz xahişidi. - deyə pıçıldadı.
- Kimin - onun?.. - professorun hələ də dumanlı beyni söhbətin nədən getdiyini anlamağa imkan vermirdi.
- Onun!.. - nazir bu dəfə şəhadət barmağıyla yuxarıları göstərib gözləri bərələ-bərələ pıçıldadı və professor nəhayət ki anladı...
…Ölkəyə rəhbərlik etdiyi uzun illərlə uzaqdan-uzağa rəğbət bəslədiyi, şiv hərbçi qaməti, unikal natiqlik qabiliyyəti, məmurluq həddini aşan cəsarəti və mərdliyi ilə həmişə ona, qədim yunan əsatirlərinin əfsanəvi qəhrəmanların xatırladan qəzəbli Generalın güc və vahimə saçan yorğun üzü gözlərinin qabağına gəldi…
***
Professor nazirlikdən çıxanda hava yenə çiskinləyirdi…
Paltosunun yaxalığını qaldırıb nazirin geniş, ağ salonlu maşınına əyləşə-əyləşə fikirləşdi ki, yuxuları deyəsən, yavaş-yavaş bu üzə keçir…
Niyə məhz onu çağırırdılar?.. Onu hara aparacaqdılar?.. Niyə maşını klinikaya yox, birbaş həyətlərinə göndərirdilər?.. Niyə axşam?..
Bütün yolu havanın çiskinindən bozaran küçələrə baxa-baxa, yenə akademik haqqında fikirləşdi.
Akademik indi hardaydı?.. Elminə sadiqliyi üzündən şəhid olmuş bu çalsaç adamın düşə biləcəyi sirli məkanı təsəvvürünə gətirməyə çalışdı… və hansı möcüzəyləsə, bulanıq da olsa, Yer kürəsinin üstünü şəffaf qabıq kimi bağlayan kölgələr dolu sarımtıl dumanlı qatı gördü…
Ən əsası o idi ki, akademikin ardınca yollanmağa məhkum olunduğu bu ilğımvari məkandan yayınmağın yolunu tapmışdı. Yuxuya yalnız sübhə yaxın, günəşin sütül şəfəqləri gecənin tilsimini qırıb küçənin səsini evin içinə doldurmağa başladığı vaxt getmək vərdişinə yiyələnmək.
Bu fikirdən beynində azca da olsa, səliqə-sahmana bənzər nə isə yarandı və professor, beyninin dumanı çəkildikcə, bir neçə gün əvvəl əlinin altına keçən üç cildli «Psixiatriyanın əsasları» kitabında təqib kompleksi barədə oxuduğu fəsli xatırladı.
Beyin qabığının qidasızlığından, ümumi yorğunluqdan və sinir gərginliyindən yaranan bu kompleksin özünü əsasən, xəstənin yuxularında daha qabarıq şəkildə büruzə verməsi, bunun ayrı bir şey yox, məhz ahıllıq psixozunun əsas göstəricilərindən olması barədə karandaşla çərçivəyə aldığı bəndi bir də, dönə-dönə yadına saldı…
…Evə daxil olanda hava artıq qaralmaq üzrəydi.
Professor qapını bağlayıb yenə kabinetinin itmiş açarını xatırladı və dəhlizin işığını yandırmadan, açarları çöl qapısının ağzındakı divar şkafında - bir-birinin üstünə necə gəldi atılmış köhnə şalvar-pencəklərinin ciblərində axtardısa da, tapmadı.
Professor açarları bir qədər sonra - yataq otağının şkafında da axtardısa da, orda açarların əvəzinə, bir vaxt qarısının onun ad gününə bağışladığı, cığarası belə açalmayan, ağ kətan köynəyini tapdı...
Köynək cığaradan çıxarılıb ütülənməliydi. Əynindəki köynəyin, elə o birilərinin də yaxalıqları illər uzunu yuyulub-ütülənməkdən yeyilib pürşüklənmişdi.
Bir də çəkmələrinin palçığını yumalı, üzünü qırxmalıydı.
Paltosunu soyunub çarpayının üstünə atdı, köynəyin cığarasını açıb mətbəxə apardı. Orda işığı yandırıb köynəyinin bükülməsinə işlədilən xırda iynələri tikanı çıxaran kimi, hövsələsi darala-darala, bir-bir dırnaqlarının ucuyla çəkib çıxartdı, sonra mətbəxə keçib ütünü xəttə qoşdu, köynəyi köhnə adyalın üstünə sərib ütüləməyə başladı.
Ütülədikcə, ağ kətandan üzünə qəribə, tanış qoxu yayılmağa başladı.
Əlini saxlayıb köynəyi iylədi.
Köynəkdən kəfən iyi gəlirdi…
* * *
Bir qədərdən sonra professor ucu az qala buludlara dirənən sıx küknar və çinar ağaclarının, ətirli akasiya kollarının arasında ağaran, mərmər sütunlu, möhtəşəm binanın qarşısındaydı.
Bu nağılvari məkana necə gəlib düşdüyünü, burda nə vaxt, necə peyda olduğunu professor, bütün dəqiqliyi ilə xatırlamasa da, yadında qalan bir o idi ki, üfunətli zibil yeşiklərinin, sınıq-salxaq skamyalarda hərəsi bir yana əyilmiş qarıların böyründən ötüb həyətin gözdəniraq kölgəliyində, pusquda dayanan kimi, onu gözləyən qara dövlət maşınına əyləşmişdi… maşın yola düzələndə, salonun qəribə ədəva qoxusundan başı hərlənmiş, qabaq oturacaqda əlləri ilə sükana suvadılmış kimi oturmuş sürücünün robotsayağı qırıq hərəkətlərindən xoflanmışdısa da, maşın prezident iqamətgahının Cənnəti andıran yaşıllıqlar və fəvvarələr dolu ərazisinə daxil olanda, bütün xofu, qorxusu necəsə, öz-özünə ərimiş, onu ünvan başına çatdırıb harasa geriyə sovrulan maşınla bir yoxa çıxmışdı ...
Professor bir müddət yüngül mehin yırğaladığı ağacların və quşların civiltisindən savayı ayrı bir səsin eşidilmədiyi kimsəsiz, sakit həyətin ortasında dayanıb qaldı…
Deməli, baş həkimin də, nazirin də nagüman nigaranlıqla dedikləri mötəbər ünvan bura idi. - fikirləşdi, sehrli nağılları andıran həyətin bürünc skamyalarını, ağ mərmərdən tökülmüş fəvvarələrini, bir ucu sıx meşəliyin dərinliyində itib-batan döşəmə cığırlarını gözdən keçirib, reallıqdan çox, yuxunu andıran bu ilğımvari məkanda xəstələnə biləcək adamları müəyyənləşdirməyə çalışdısa da, beyninin dumanının çəkilmədiyini anladı və başını qaldırıb göyə baxdı.
Göyün üzü, küləyin ha tərəfdənsə qovub gətirdiyi nəhəng bulud topalarıyla örtülməkdəydi...
Buranın göyü də necəsə, ayrı cür idi… - professor fikirləşdi və yadına, öz həyətlərinin göyünü salmağa çalışdısa da, nə vaxtsa həyətdə ayaq saxlayıb göyə baxdığını xatırlamadı… Dəqiq olanı bir bu idi ki, professor heç vaxt, heç bir yerdə belə bir göy görməmişdi…
Nə vaxtsa, lap çoxdannan göy haqqında Konstitusiyada oxuduğu bəndi xatırladı. «Ölkənin sərhədləri arasındakı göyün ərazisi də onun sərvətidi və ona məxsusdu.»
Onda yadına gəlir, Konstitusiyanın bu gülməli bəndini qarısına da oxumuşdu. Sərhəd və ərazi tanımayan göyü hansı ərazilərə və necə bölmək olardı?.. Və əgər bölmək olardısa da, ərazisi dəqiqləşdirilmiş həmin o göydən keçib gedən və bir neçə saatdan sonra o biri ölkələrin əraziləriylə üzən buludlar kimə məxsus idilər?..
Göyün əraziyə, ərazinin göyə nə qədər aidiyyatlı olduğunu o vaxtlar dəqiq anlamamışdı. İndi isə anlayırdı. Hər ərazinin öz göyü, var və o ərazi bir növ həmin o göyün növ əksidi. - professor fikirləşib paltosunun yaxalığını axıracan düymələdi. Konstitusiyanın həmin o bəndi düz qurulmamışdı, göy əraziyə yox, ərazi göyə məxsus idi…
İqamətgahın nəhəng şüşəli girişində başlarında beret, əllərində süngülü silah, cansız vitrin manekenləri tək, hərəkətsiz dayanıb duran əsgərlər elə bil bayaqdannan bəri onu görmürdülər. Gözlərinin qabağında buralara hardansa atılmış kimi, dayanıb dursa belə, heykəl donuqluğuyla yalnız bir-birinin üzünə zillənməklərinə davam edirdilər.
Binanın girişinə sarı addımladıqca, girişin şüşəli keçidindən gur işıqlı foyenin bir hissəsi görünməyə başladı.
Binanın içi də çölü kimi kimsəsiz idi. Elə bil indicə buralarda nə isə baş vermişdi… dövlət çevrilişi olmuşdu… yaxud, binanın başıalovlu sakinləri hansısa qəfil xəbərdən yığışıb təcili surətdə buraları tərk etmişdilər...
Pillələri qalxıb dayandı. İqamətgahın birinci mərtəbəsinə açılan şüşə keçidin o biri üzündən tavanın saysız-hesabsız işıqları altında nəhəng, ağ gəmi kimi bərq vuran mərmər döşəməli geniş vestibül görünürdü.
Hərbçilərin böyründən adlayıb içəri girdi, dabanı yeyilmiş ayaqqabılarını döşəmənin mərmər səthi ilə sürüyə-sürüyə vestibülün tən ortasınacan yeriyib dayandı, eynəyini çıxarıb dörd bir yandan döşəməni tavanla birləşdirən nəhəng, qızılı sütunlara, zalın hər iki tərəfindən dairəvi burmalarla ikinci mərtəbəyə aparan qranit pillələrə, üzbəüzdəki şüşəli divarın o üzündə zərli qara parça kimi sayrışan şəhərə baxdı…
- Professor Veyisov?!..
…Vestibülün ha tərəfindənsə peyda olmuş qara, tarım kostyumlu, qıvraq yerişli kimsə ona tərəf addımlayırdı… professor bunun, iqamətgahın xidmət personalından biri - Generalın şəxsi köməkçisi, ya mühafizə xidməti olduğu anladı.
- Çox-çox üzr istəyirəm, sizi qarşılamağa gecikdim. - köməkçi ədəblə dedi və professora yaxındakı kreslolardan birində yer göstərdi. - Siz buyurun, əyləşin. İndi məruzə edib qayıdıram.
Köməkçidən sonra professor vestibülü indi oturan yerdə nəzərdən keçirdi.
Belədə vestibül daha geniş və əzəmətli görünürdü. Hansı elementləri iləsə kosmik gəminin içini, mərmər və qızı işləmələri ilə orta əsrlərin şah saraylarını andıran bu soyuq sarayın kimsəsizliyi buranın hər küncündə - sirli parıltıyla necəsə, öz-özünə bərq vuran gövdəli sütunların işləmələrindən tutmuş, divarlardan asılmış rəgli tablolardan sızan mistik axıntılara qədər, az qala hər əşyasında duyulurdu…
Yaxın divarlardan birinin mərkəzi hissəsində asılmış iri ölçülü tablo professorun yuxularını andıran ucsuz-bucaqsız səhralığı əks etdirirdi. Bu səhralıqda çatmışmayan bircə şey vardısa, o da bu sarımtıl qumsallığın arasında azdığı yerdə qanrılıb ona zillənnən gözüyaşlı akademik idi. - professor şəklə baxa-baxa fikirləşdi və bu fikirdən, ya üzbəüzdəki tablonun böyüyüb az qala bütün divarı tutduğundan, göz qapaqları ağırlaşdı… yuxusu gəldi. Elə bil arada yuxuladı da… bədəninin yuxunun ləpədöyənində uçunmağa başladığı qısa mürgünün içində, dəmir çarxlarını relslərin üstü ilə taqqıldada-taqqıldada hardansa, yaxınlıqlardan ötüb keçən tramvayın səsini də eşitdi… yarıqaranlıq salonunun tutqun pəncərələrindən ona zillənən boz gödəkçəlinin qaramtıl üzünü də gördü…
…Dik atılıb ətrafına baxdı.
Hava qaralmışdı…
Saatına baxdı. İqamətgaha gəldiyi qırx dəqiqə idi.
Köməkçinin başı olsun ki, hələ ayılmamışdı. - fikirləşdi və ürəyi sıxıldı.
İndi o burda - dörd bir yanı soyuq əzəmət saçan bu sarayın vestibülündə nə qədər oturmalıydı?..
Tavanın işığı beynini yorurudu, gözlərini ağrıdrdı…
Gərək bayaq köməkçiyə, yorğun və yuxusuz olduğunu deyəydi. - fikirləşib qollarını qoltuğuna vurdu. - Onda olsun ki, bu məşğul köməkçi onu bu qədər gözlətməzdi.
Sonra ürək döyüntüləri ləngiyə-ləngiyə fikirləşdi ki, bütün bu mənzərə - bu əcayib qarşılanma mərasimi həkim çağırışından çox, gizli dövlət təhlükəsizliyinin məxfi dindirmə aktının başlanğıcını andırırdı…
Yox, onun, hər döngəsi sirr və təhlükə saçan yarıqaranlıq yuxularının davamını andırırdı... - professor qəfildən ağlına gələn fikirdən ayılıb özünü dikəltdi.
Özüdü ki, var… hər şey - dörd bir yanı ilğımvari gözəlliklər saçan bu möhtəşəm saray, bu qəribə qarşılanma mərasimi, tilsimə düşmüş tək, əsirinə çevrildiyi bu gur işıqlı təntənə, üstünə çağırdığı «xəstənin» kimliyinin bilinməməsi, bu nağılvari məkana niyəsə, yalnız hava qaralandan sonra, az qala, yeraltı yollarla gətirilməsi, indi də bütün bu əzəmətin bir küncünə qısılıb unudulmuş qonaq kimi, öz saatını gözləməsi, hər şey, hər şey anlaşılmaz sirlər və müəmmalarla dolu idi...
İçindən - hardasa, mədəaltı vəzisinin altından soyuq cərəyana bənzər gizilti keçdi. Paltosunun döş cibində ehtiyatda saxladığı həbbdən çıxarıb dilinin altına saldı, qollarını qoltuğuna vurub tavanın gur işığı altında bərq vuran döşəməyə zilləndi.
Bu nə müsibət idi, başına gəlirdi?.. Hansı günahın sahibi olmuşdu?.. Niyə ömrünün bu çağında ona bütün insanlar kimi sakit yaşamaq, qarısından sonra onsuz da dadını itirmiş həyatını dincliklə başa vurmaq yazılmamışdı?.. Yuxuları o tərəfdən, bu əcaib dəvət bu yandan…
İçi tibbi ləvazimatlarla dolu ağır çantasını qucağından yerə endirib ayağa qalxdı, əllərini arxasında çarpazlayıb asta addımlarla vestibül boyu gəzişməyə başladı.
Ya bəlkə… - ağlına gələn növbəti fikrin dəhşətindən, yeridiyi yerdə büdrədi…
Bəlkə bu təşrifdən Generalın ümumiyyətlə, xəbəri yox idi?!.. Bəlkə o, necəsə, özü də bilmədən, taleyin hansısa acı istehzasıyla, son vaxtlar Generalın ətrafında bir-birinin ardınca baş verən amansız sui-qəsdlərdən birinin iştirakçısına çevrilmişdi?.. Və indilərdə hardasa yuxarıda - Generalın otağın baş tutmaqda olan, yaxud artıq baş vermiş cinayətin izini həkim qismində itirməli olan qurbanlıq seçilmişdi?..
Bədəninə soyuq tər gəldi… beynində qəfil ildırım kimi çaxan bu qorxunc mənzərə gözünün qabağına gəldi…
…İkinci mərtəbənin xalılarla döşənmiş zəngin otağında qətlə yetirilmiş, qanı yatağının bəyaz ipəyinə dağılmış əfsanəvi Generalın üzüqoyulu qalmış cansız bədənini gördü…
Vestibülün aşağı başından ehmal şıqqıltı səsi eşidildi...
Səs gələn tərəfə diqqət kəsildisə də, vestibülün ağır sakitliyini pozanın nə olduğunu anlamadı.
Paltosunun cibindən çıxardığı yaylığını alnının tərinə hopdura-hopdura fikirləşdi ki, beynini, bədənini yorub əldən salan bütün bu cəfəng fikirlər neçə vaxtın yorğunluğunun və yuxusuzluğunun nəticəsidi. Günü sabah baş həkimdən icazə alıb bir müddət dincəlməli, bir az da xəstələrinə yazdığı əsəbsakitləşdiricilərdən içməlidi.
Cib saatını çıxarıb düyməsini basdı.
Səkkizə on beş dəqiqə qalırdı…
Yox, bu, daha lap ağ oldu… - professor səbri darala-darala fikirləşdi və qəti hərəkətlə çönüb bayaq oturduğu kreslosuna sarı addımladı, çantasını əlinə alıb çıxış qapılarına yönəldi.
Çıxışa aparan şüşəli keçidinin o biri üzündə oyuncaq başını andıran dəyirmi başlarla donuxmuş əsgərlər hələ də həmin hərəkətsizlikdə qalmaqlarındaydılar...
Odu ki, professor keçidi rahatca adlayıb cansız əsgərlərlə xudahafizləşmədən, çölə çıxdı.
Hava dəyişmişdi… Bircə saat bundan əvvəlki sakit «cənnətdən» əsər-əlamət qalmamışdı. Bayaqkı yüngül mehin müqavimətindən həzin-həzin yellənən ağaclar bir-birinə çırpıla-çırılpa canavar sürüsü kimi ulaşır, güclü külək iqamətgahı dövrələyən küknar meşəsini çalxalayıb uğuldadır, fəvvarələrin suyu həyətin dörd bir yanına sovrulurdu…
Pillələrin üstə ayaq saxlayıb bir istədi əsgərlərdən, köməkçinin yerini soruşsun və elə həmin dəqiqə də fikrindən daşındı, paltosunun boyunluğunu qaldırıb şlyapasını gözünün üstünə basdı, pillələri enib yeyin addımlarla bayaq maşınla gəldiyi yolla şəhər tərəfə üz tutdu.
Narın-narın sulu qar çiləməyə başlayırdı…
Şəhərə çıxış hardasa, buralarda olmalıydı. - professor iqamətgahın çıxışına aparan yolla addımlaya-addımlaya fikirləşdisə də, bir qədərdən sonra yolun son ucunun, başları göyə dirənən sıx küknar meşəliyinin qaranlığında bitdiyini görüb ayaq saxladı, geriyə çönüb gəldiyi yola baxdı…
Əsil mistika idi. Bayaq onu İqamətgahın qarşısına gətirən yolun geriyə çıxışı yox idi…
Çantasını yerə qoyub ətrafına baxdı.
Eynilə həmin bu uğultuyla uğuldayıb bütün girişlərini qapadan həmin o bağı, onu çıxışa qədər müşayət eləyən adamüzlü, nəzəng iti xatırlayıb duruxdu…
…İqamətgahın ikinci mərtəbəsində bir neçə otağın işığı yanırdı…
General bu işıqlı otaqlardan birində idi… hansısa məxfi sənədləri imzalaya-imzalaya, yaxud, kimlərləsə gizli danışıqlar apara-apara onun təşrifini gözləyirdi… - fikirləşdi.
İndi - bir qədər keçmiş qıvraq yerişli köməkçi onu yuxarı mərtəbəyə dəvət etmək üçün vestibüldə peyda olacaqdı, onun boş kreslosuna baxıb əl telefonu ilə yuxarıya məlumat ötürəcəkdi…
Baş həkimin və nazirin təəsüf və çaşqınlıq dolu üzləri gözünün qabağına gəldi…
Sabah, ya olsun ki, elə bu gecə evə çatmağıyla, baş həkimlə nazirin telefon zəngləri bir-birinə aman verməyəcəkdi… onu sorğu-suala tutub mötəbər qəbuldan yayınmağının səbəbi öyrəniləcək, verilən cavab heç birini qane etmədiyi üçün dəstəyin o biri başına ölüm sükutunu andıran vahiməli sakitlik çökəcəkdi... Olsun ki, səhəri gün, hələ bəlkə lap elə bu axşam o gizli əmrə işdən də azad ediləcəkdi. - professor ürəyi sıxıla-sıxıla fikirləşdi və ürəyində, telefon zənglərinə verəcəyi cavabları götür-qoy elədi…
- Mən getdim və iki saatacan orda, iqamətgahın foyesində oturub gözlədim. - o deyəcəkdi. - Mən çox gözlədim. Çağıran olmadı.
- Gərək siz bir az da gözləyəydiniz. Lazım gələrdisə, lap belə sabahacan gözləyəydiniz. Bu, sizin vətəndaşlıq borcunuzdu. - nazirin narazılıqdan xırıldayan yoğun səsi qulağında uğuldadı. - Bir az dərindən düşünün, görün bir siz harda, kimi gözləmisiz?!.. Bir də axı iki saat?!..
- Bilirsiz, nə var, məni rahat buraxın. - onda o, deyəcəkdi. - Dediniz «getmək lazımdı», mən də getdim. Üstəlik, iki saat da gözlədim. Bundan artıq nə edəcəyimi anlamıram. Belə narahatsınızsa, özünüz gedin, ya ayrı birisini göndərin.
Onda nazir dəstəyin o başında kinli-kinli susacaqdı, bu fövqəladə «anlaşılmazlığın» heyfini isə tək ondan yox, bütün klinikadan alacaqdı.
…Baş həkimin, qorxudan bəbəyi irilən gözləri, klinikanın solğun bənizli, qocaman həkimlər ordusu gözünün qabağına gəldi…
Hardasa lap yaxında - ağaclığın sıx yerində bayquş uladı… və professor, daha bu barədə fikirləşməməyi qərara aldı.
Tozanağın içində alınmaz qala sakitliyi ilə ucalan iqamətgahın xırda, sarı düymələr kimi işaran pəncərələrinə baxıb fikirləşdi ki, bəlkə geriyə qayıtsın?.. Onsuz da çıxışı tapa bilmir. Qayıdıb nazir deyən kimi bir qədər də otursun.
Bayquş bir də, bu dəfə elə bil ayaqlarının altından buppuldadı və professor, başının tükləri qabara-qabara, indi, bu dəqiqələrdə çölün qaranlıq fırtınası içində balaca, kimsəsiz ada kimi qaralan balaca evini, yolunu yumşaq qəbir kimi gözləyən nimdaş yorğan-döşəyini xatırladı…
İndi o, bu sirli saraydan baş götürüb həmin o uçurumlar dolu soyuq mənzilinə - ha tərəfiyləsə bu dünyadan qopub sınıq körpü kimi havadan asılı qalmış balaca ölüm kamerasına yollanırdı…
Bu fikirdən gözləri qaraldı.
Yolun bir başı - gur işıqlı, əfsanəvi iqamətgaha, o biri başı - onun ölüm havalı yuxularına aparırdı… Dünənki yuxuda özünü axır ki, mənzilin qapısına yetirib sağ əlini onun çiyninə qoyan inadkar ölüm elçisi indi onu evin yaxınlığındakı yarıqaranlıq dalanlarda, ya da olsun ki, həyətin ortasındakı sıx ağaclıqda gözləyirdi…
Yox, o, evə gedə bilməzdi. - paltosunun boyunluğunu ovcunun içinə yığışdırıb çöndü və yeyin addımlarla iqamətgaha sarı addımlamağa başladı.
Evə, mümkün qədər gec getməliydi. Sübhün açılmağını yuxularından tanış kölgələr dolaşan divarların arasında tək-tənha oturub gözləmək, elə də asan məsələ deyildi.
…İqamətgahın ikinci mərtəbəsindəki işıqlı pəncərələrdən birinin o üzündən kimsə ona zillənmişdi…
Professor bunu iqamətgaha çathaçatda, pəncərələrdən birinin tülü astaca tərpənəndə hiss etdi. Yoxsa, gözünə göründü?..
İndi o, iqamətgaha çatıb vestibülə daxil olacaqdı, orda ağ dəri üzlü kreslolardan birinə oturub Generalın dəvətini gözləyəçəkdi.
Generalın, yoxsa, ayrı bir kimsənin?.. Burası hələ dəqiq məlum deyildi.
Bu naməlum dəvətin özünü nə qədər gözləməli olduğunun özü də məlum deyildi və bütün bu qeyri-müəyyən naməlumluqlar artıq professor üçün elə bir əhəmiyyət də kəsb eləmirdi. Bura sirli və müəmmalı, mənzili - qaranlıq və təhlükəliydi…
İqamətgaha çatar-çatmaz, professor onu da fikirləşdi ki, bəlkə də hər şey elə belə də olmalıdı. Bəlkə də ona şübhəli gələn bu müəmmalı donuqluq iqamətgahın qəbulolunmuş gündəlik mənzərəsidi. Ya da ola bilsin, bayaq həyətlərinin gözdəniraq tərəfində qapqara kabus kimi peyda olmuş dövlət maşını onu bura, təyin olunmuş vaxtdan bir qədər əvvəl gətirmişdi. - professor fikirləşdi və girəcəyə uzanan pillələri qalxmağa başladı.
…Vestibülün işıqlarının yarısı sönmüşdü…
Onları olsun ki, o gedəndən sonra söndürmüşdülər. - professor ürək döyüntüləri sürətlənə-sürətlənə fikirləşdi. Yoxsa, işıqlar çöldəki fırtınanın dağıdıcı həmlələrindən sönmüşdü?!..
Axır nəydisə, bütün bunlar yaxşı əlamət deyildi. Kimsəsiz iqamətgah, almansayağı dəqiqliyi çoxdannan hamıya bəlli olan Generalın görüşü bu qədər ləngitməsi, indi də bu işıqlar… Hər şey xoşagəlməz sonluğun başlanğıcına aparırdı… - professor fikirləşdi və bayaqkı yerinəd girişin yaxınlığındakı ağ dərili kreslolardan birinə oturdu, çantasını açıb ləvazimatların arasında qaralan qəlyanını və tənbəki kisəsini çıxartdı, kisəninn ipini boşaldıb içindəki tənbəkidən bir çimdik götürərək qəlyanın içini doldurmağa başladı.
Əlləri əsirdi.
Olsun ki, General məşğuldu. - alışqanı yandırıb qəlyanı tüstülətdi və tüstünü ciyərlərinə çəkə-çəkə fikirləşdi. - Bəlkə bu dəqiqə telefonla hansısa dövlətin başçısıyla danışır. Yaxud, kimlərəsə vacib əhəmiyyətli dövlət tapşırıqları verir.
Çönüb girəcəyin şüşəli keçidində bayaqkı donuqluqda dayanan çəhrayı üzlü əsgərlərə baxdı.
Generalın iqamətgahı da özü kimi qəliz və tilsimli idi. - fikirləşdi və hardansa yadına, on-on beş il bundan əvvəl neçə-neçə dövlət mükafatlarının və təltiflərinin sahibi, məşhur xalq rəssamının dəfnində baş verən unikal hadisə düşdü.
Fəxri xiyabanda baş tutan həmin o mərasimdə camaatdan xeyli irəlidə rəiyyəti və ölkənin tanınmış yaradıcı simaları arasında, arxası camaata dayanmış Generalın, onun beynindən ötən ani fikiri hansı möcüzəyləsə uzaqdan-uzağa tutmasını, qəfildən geriyə qanrılıb iti canavar baxışlarını onun düz gözünün içinə zilləməsini xatırladı…
Həmin o dəfn mərasimində, yadına gəlir, kütlənin arasında dayandığı yerdə arxadan atılan qəfil gülləylə qətlə yetirilən yüksək rütbəli məmur haqqında bir neçə ay əvvəl oxuduğu mənasız detektiv hardansa yadına düşmüş, hansı ağıllasa, kütlənin arasında gizlənən ədəbi casus kimi, nəhəng cüssəsi, güləşçi boynunu andıran gövdəli boynu ilə yanındakılardan seçilən Generalın başını nişangah seçərək, əlindəki uydurma tapançadan ona «güllə açmışdı…» Onda, içindən ani qığılcımla ötüşən bu gizli niyyəti hansı möcüzəyləsə həmi andaca Generala əyan o, peysərinə sarı uçan gülləni havada tutmuş kimi, qəifldən geriyə çönüb intiqam və qəzəb saçan boz gözləriylə onun, minlərlə adamın arasından tapıb seçdiyi gözlərinə zillənmişdi…
Yadına gəlir, vahimədən dizləri boşalmış, qəfil gözlənilməzlikdən heysizləşmiş bədənini adamların arasında yerə sərilməkdən zorla saxlamış, özünü bir təhər, ürək döyüntüləri zəifləyə-zəifləyə çəkib izdihamın içindən çıxara bilmişdi…
Uzaqdan uzağa təhlükə kimi duyduğu bu təsadüfi səfeh fikirin, ötəri, boş xəyaldan savayı ayrı bir şey olmadığını həmin dəqiqə - gözü onun üzünü minlərlə adamın arasından tapıb seçəndə anlamışdısa da, mərhumun xatirəsi haqqında söylədiyi vida nitqində bu «zərərsiz təhlükə» ilə bağlı rəyini qeyd eləməyi də unutmamışdı. Generalın vida nitqində dediyi sözlər nöqtə-vergülünəcən professorun yadındaydı…
- Bəzi siyasi kəmsavadlar, adi tüfeylilər belə, mənim müqəddəratım haqqında fikirləşməyi özlərinə ar bilmirlər. Əllərindən heç nə gəlməsə də, heç olmasa, bu barədə fikirləşirlər. Onlardan burda sizin aranızda da var. Qoy onlar qulaqlarını açıb yaxşı-yaxşı eşitsinlər: Məni fiziki məhv etmək mümkün deyil!.. - General dağüstü yüksəklikdə qurulan kürsüdən düz onun gözünün içinə baxa-baxa, havada yellətdiyi şəhadət barmağıyla onu hədələyə-hədələyə demişdi...
«Məni fiziki məhv etmək mümkün deyil...» - professor Generalın, bir neçə il bundan əvvəl söylədiyi həmin qısa nitqinin son cümləsini yenə, hardansa lap yaxından eşitdi… Bu nə demək idi?.. «Fiziki», yəni bədən xəsarəti ilə?..
…Çölün fırtınası elə bil bir az da şiddətlənmişdi. Külək vestibülün şüşə divarını, iri, dördlaylaı pəncərələrini titirədib vestibülün boşluğuna, müharibə gurultusunu andıran əcayib gurultu salırdı. Sonra elə bil hardasa yuxarıda - ikinci mərtəbədə qapı açıldı… Yoxsa qulağına səs gəldi?.. Həmin o səsdən oldu, ya qəfildən ağlına gələn növbəti fikrin təsirindən, boğazını qəhər tutdu…
Professorun ağlına gələn növbəti fikir isə bu idi ki, unikal yaddaşıyla hamını heyrətə salan General həmin o təhlükəli günü, son ayların alınmayan sui qəsdləri sırasında yenidən xatırlamışdı…
Saatına baxdı. Doqquzun yarısı idi…
Çölün qaranlığı tədricən vestibülə axmağa, ətrafın bəyaz parlaqlığını bozardıb qaralmağa başlamışdı… Yoxsa, getdikcə qaranlıqlaşıb rəngələri bulandıran - onun gözləri idi?..
…Sütunlarının hansınınsa arxasından addım səsləri eşidildi və çox keçmədi ki, iti addımlarla ona sarı tələsən köməkçi göründü, ona yaxınlaşıb bayaqkı adamın səsinə oxşamayan tamamilə ayrı bil səslə:
- Çox-çox üzr istəyirəm, cənab General bu günə planlaşdırmadığı qəfil bir məsələyə görə qəbulunuzu gecikdirdi, sizi gözlətməli olduq. - köməkçi deyib professorun kreslosunun yanında döşəmədə duran çantanı əlinə aldı, ehtiramla vestibülün sol cinahındakı pilləkənə işarə ilə - Buyurun bura, zəhmət olmasa. -deyib yola düzəldi.
Ayağa qalxıb, - olsun ki, bu, bayaqkı adam deyil. - fikirləşdi və ayaqqqabılarını ardınca sürüyə-sürüyə köməkçinin ardınca yeridi.
İkinci mərtəbəyə qalxıb sol tərəfə buruldular və nə iləsə qatar perronunu andıran yumşaq döşəməli dəhlizə çıxdılar.
Dəhliz həm də nə iləsə, məxfi məqsədlər üçün istifadə olunan yarıqaranlıq tuneli xatırladırdı… lap qurtaracağında hardansa, sağ tərəfdən sızan işıq zolağına yaxınlaşdıqca, kiminsə sanki professora ünvanlanan asta danışığı eşidilməyə başlayırdı...
- Ürəkli ol, əzizim… - səs deyirdi, - …səfeh-səfeh fikirlərə dalmaqdansa, mənə qulaq as… eşit məni… sən ki, ağıllısan?!.. Özün də bilirsən ki, ağıllısan. Onu da bilirsən ki, ha yana da getsən, əvvəl-axır yanıma gələcəksən…
Professor duruxub ayaq saxlamaq istədisə də, irəlidə iti addımlarla yeriyən köməkçi geriyə çönmədən:
- Buryurun bura. - dedi və professoru içəri otağa açılan yarımaçıq qapısının aralığından televizorun səsi eşidilən girəcəyə ötürüb, öz də ardınca daxil oldu.
İçəridən kimsə nəfəsi təngiyə-təngiyə, yandırıcı pıçıltıyla:
- …axı hara qaçacaqsan?.. Hara sivişəcəksən?.. Yaxın gəl… yaxın gəl… - deyirdi...
Bir müddət yarımaçıq qapıdan bir hissəsi görünən ekrandan ona zillənmiş gözə baxa-baxa, təngiyən nəfəsini nizama salmağa çalışdısa da, ürəyi getdikcə daha şiddətlə döyünməyə başladı…
Qapının aralığından görünən şəbəkəli döşəmə professora uzaq gənclik illərində nəhəng zallarını, ayaqqabısının üstündən geydiyi yumşaq, kətan üzlüklərdə gəzdiyi Ermitajın güzgü döşəmələrini xatırlatdı…
Köməkçi otağa birdən-birə daxil olmağa ürək eləmədi, bir müddət pusquda duran tək, dayanıb nəfəsini içinə qısdı, sonra qapını barmaqlarının ucuyla ehmalca tıqqıldatdı.
- Buyurun. - içəridən Generalın tanış səsi eşidildi.
Köməkçi kənara çəkilib professoru içəri ötürdü, özü də ardınca otağa daxil olub hardasa, arxada dayandı.
Professor gur işıqlı, geniş otağa daxil olub dayandı, ətrafına göz gəzdirməyə macal tapmamış, hardansa yuxarı başdan Generalın:
- Axşamınız xeyir, professor. - deyən səsi eşidildi.
- Axşamınız xeyir. - professor dedi və səs gələn tərəfə baxdı.
Otağın yuxarı başındakı hündür söykənəcəkli kresloda uzunətəkli, ipək xalatda cavanar gözlü Generalın özü oturmuşdu…
Generalın görünüşüdən, yoxsa, bayaqdan bura keçirdiyi gizli həyəcanlarının təsirindən, başının gicəlləndiyini hiss etdi… bir neçə addım da atıb dayandı.
Gözlərinin qabağı yenə bulanmağa, axşam düşürmüş kimi, qaramağa başlayırdı…
General nə vaxtsa ayağa qalxıb ona yaxınlaşmışdı, soyuq əlini əlləirinin içinə alıb onunla üzbəüz dayanmışdı…
…Generalın əli yumşaq və isti idi. Gərginlikdən, ya əsəb pozğunluğundan idi, nəydisə, professora elə gəldi ki, bütün vücuduyla Generalın isti ovcunun içinə düşdü… və Generalın ovucu onu isti yumşaqlığın içində ovub əzdi…
- Bilirəm, yorğunsuz. Mən də sizi gözlətdim… - Generalın səsini uzaqdan eşidilirdi… - Buyurun bura. - General deyirdi və səsi otağın divarları boyu əks edib qulaqlarına dolurdu…
…Özünü yaxındakı qara, meşin divana çatdırıb əyləşdi.
Köməkçidən əsər-əlamət yox idi. Otaqda ikisi idilər.
General gümrah vücuduyla onunla üzbəüzdəki hündür söykənəcəkli kreslosunda əyləşmişdi, aydın gözləri, rahatlıq saçan sağlam üzü ilə ona zillənmişdi.
- Gərək günahımızdan keçəsiz. - deyib gülümsəyirdi.
- Mən… - professor hiss elədi ki, quru dili danışmağına mane olur, odu ki, qısaca - Mümkünsə su. - deyib udqundu.
General üzündəki məmnun təbəssümlə ayağa qalxdı. Elə bil onun susamağı ürəyinə yatmışdı. Yazı stoluna yaxınlaşıb orda hansısa gizli düyməni basdı, stolun yaxınlığındakı nəyəsə:
- Su gətirin. - dedi, sonra geri qayıdıb bayaqkı yerinə əyləşdi və su gəlib çıxanacan, qəribə mərhəmətli baxışlarla professora zilləndi.
Suyu həmin dəqiqə, bayaqkı plastilinvari sürücüyə oxşayan cavan bir adam gətirdi. Professorun qarşısında dayanıb stəkanı ona uzatdı və professor suyu içib qurtaranacan, əlində balaca məcməyi dayanıb gözlədi.
General indi də ona təzə, məzəli oyuncağa baxan kimi baxırdı…
General, professor suyu içib stəkanı ehmalca məcməyiyə qoyandan bir mddət sonra da ona bayaqkı maraqla baxmağına davam etdi. Elə bil professora baxa-baxa, ondan nə düzəldəcəyi haqqında fikirləşdi.
- Mən sadəcə, bir az halsızam. - professor astadan deyib yerində qurcalandı.
- Bilirəm-bilirəm. İşiniz həddən ziyadə gərgindi...
Bu məqam Generalın boz baxışlarından oldu, ya nə oldusa, professor birdən-birə yaddaşının hansı gizli ehtiyacıylasa, bütün ömrü ərzində tutduğu səhvlərini, bağışlanmaz günahlarını xatırladı… və oturduğu yerdə bütün o olub keçənlərə görə günah və xəcalət tərində boğuldu... bir qədər sonra isə sinəsinin hansı dərinliklərindənsə baş qaldıran vicdan əzabı bütün vücudunu sıxıb əzdi…
- Siz soyunun. - General olsun ki, onun narahatlığını hiss etmişdi - Özünüzü rahat hiss edin. - dedi və ağzının bir tərəfi ilə gülümsədi.
General çox vaxt niyəsə, məhz belə - ağzının bir tərəfi ilə gülümsəyirdi. Elə bil o biri tərəfini işə salmağı lüzumsuz hesab edirdi.
Professor paltosunu soyunub divanın bir tərəfinə qoydu, şlyapasını çıxarıb bayaqkı tufanın qatıb qarışdırdığı seyrək saçlarını sahmana saldı və yenə Generalın boz gözləriylə üzbəüz qaldı...
Gözləri onu unutmamışdı görünür… - ürəyi döyünə-döyünə, bayaqkı qorxulu xatirəsini - həmin o əlamətdar dəfn mərasimini, Generalın havada yellənən qəzəbli barmağını xatırladı. Bəlkə də bura gətirilməyinin sirli səbəblərindən biri də bu idi.
- Sizin gördüyünüz işləri həqiqətən möcüzə adlandırmaq olar. - General dedi və nədənsə sözünün ardını gətirmədi.
- Mən adi həkiməm. - professor hiss elədi ki, gərginlikdən səsi titrəyir. - Elə bir möcüzəli işim də yoxdu. Bizim camaat hər şeyi bir qədər şişirtməyi sevir. - dedi və əllərinin titrəişini gizləməkdən ötrü onları dizlərinin arasında cütlədi.
- Hədsiz təvazökarlıq da bir şey deyil, professor. Mən «möcüzə» deyəndə, sizin sanballı elmi işlərinizi nəzərdə tutmuram. - Generalın üzünldəki təbəssüm nə vaxtsa yoxa çıxmışdı. - İnsanın şüuraltısına uğurlu müdaxilələrinizdən danışıram…
…Professor yenə akademiki xatırladı… Möcüzə adlanacaq bir şey vardısa, o da akademikin onun yuxusunda baş vermiş ölüm aktı idi. Sonra qəfildən ağlına gələn fikirdən qulaqları uğuldadı…
Bəlkə General «möcüzə» deyərkən, akademikin ölümünü nəzərdə tuturdu?..
- Siz qeyri-mümkün işlər görürsüz, professor. İnsanın şüuraltı yaddaşına müdaxilə etmək, orda hansısa xəstə nöqtələrlə işləmək - sehkarlıqdı.
General çox güman ki, son illər ağır narkoasılılıqdan qurtardığı xəstələrdən danışırdı. Bu haqda mətbuatda çox yazırdılar…
- Məni ən çox heyrətə gətirən - sizin son əməliyyatınız oldu. Qorxudan yerişini itirmiş balaca qız uşağıyla apardığınız əməliyyatı deyirəm. - General deyib susdu və daha professora baxmadı. Dərin fikrə getdi və beləcə, fikirli halda professora, portretlərində, qəzet səhifələrində və təqvimlərdə nəşr olunan şəkillərindən çox-çox cavan və gümrah göründü.
- Nərdlə aranız necədi, professor? - General qərq olduğu fikir dəryasından elə həmin an ayılmışdı, yenə mərhəmət dolu gözlərlə professora zllənmişdi.
- Nərd?.. - professora əvvəl elə gəldi ki, nəyisə düz eşitmədi. - Mən nərd oynaya bilmirəm. - dedi və ürəyi düşdü. Nədən qorxdu, orasını bilə bilmədi.
- Demək nərd oynaya bilmirsiz. - General fikirli-fikirli dedi və barmaqlarının ucuyla kreslosunun taxta qolunu aramla taqqıldatmağa başladı.
…Ürəyi sıxıldı. Bütün bunlar nə demək idi?.. Onu bura nədən ötrü çağırtdırmışdılar?.. Bu gümrah üzlü, sağlam gözlü adam ondan nə istəyirdi? Bəlkə o… - professorun fikirləri yenə bir-birinə qarışdı. - Bəlkə o, özü də bilmədən, xəbəri olmadan, bu möhtəşəm, sirli saray tərəfindən, necəsə alınmışdı?.. Generalı əyləndirmək, onun fikirlərini bölüşdürmək məqsədiylə seçilmiş saray həkiminə, Generalın şəxsi həkiminə çevrilmişdi?!..
- Şahmat necə?.. - General bu dəfə professora qəribə sınayıcı nəzərlərlə baxdı.
- Şahmat da oynaya bilmirəm. - professor dedi və hiss elədi ki, qorxudan, ya gərginlikdən, saçlarının dibi gizildəyir.
- Əslində bu, bir o qədər də vacib deyil. Elə belə, istədim, sizinlə birlikdə bir şey edək, görək necə alınır. - General deyib gülümsündü, sonra nə fikirləşdisə, ayağa qalxıb pəncərəyə yaxınlaşdı, pərdəni azca aralayıb çölə baxdı.
…Çölün fırtınası Generalın səliqəli otağında da eşidilir, səskeçirməz divarlarının arxasından gizli-gizli uğuldayırdı.
- Hava yaman dəyişdi. - General çölə baxa-baxa dedi, sonra professora sarı çönüb qəribə gümrah səslə:
- Professor, sizin yuxularla bağlı sözsüz ki, öz qənaətləriniz olmamış deyil. - dedi və yenə professordan nə isə istəyirmiş kimi, gözlərinin içinə zilləndi. - Yəni insan hər gecə yuxuda eyni bir yerdə olursa və o yerin cəngindən heç cür qurtula bilmirsə…
Professorun «yuxu» kəlməsindən ürəyi düşdüsə də, özünü o yerə qoymadı:
- Siz hansı yuxuları deyirsiz?..
- Mən hal-hazırda özümdən danışıram. - General dedi və kreslosona əyləşib kürəkliyinə söykəndi. - Söhbət məndən gedir, mənim yuxularımdan.
- Aydındı. - professor dedi və hiss elədi ki, danışanda dili dolaşır.
- Son aylar mən, demək olar, eyni bir yuxunu görürəm. Qəribəsi odu ki, ömrüm boyu altı saatdan artıq yata bilməyən adam - yəni mən, indi gecə-gündüz yatmaqdan doymuram.
General danışdıqca, professor fikirləşdi ki, əgər indi General da tramvay dayanacağından başlasa, o, dəli olacaq, başına hava gələcək… Getdikcə, aydınlaşmaq əvəzinə, daha da qəlizləşib düyünlənən bütün bu qarmaqarışıqlığı ayırd eləməyə daha taqəti yox idi.
Çantasını dizlərinin üstə qoyub ağzını açdı, qəlyanını və tütün kisəciyini çıxarıb çantanı bayaqk yerə - döşəməyə qoydu qəlyana işarə ilə Generala - Burda çəkmək olar? - dedi.
- Buyurun, çəkin. Cavanlıqda mən də çəkirdim, amma sonradan tərgitdim. - General deyib jurnal mizinin üstündəki külqabını barmaqlarının ucuyla professora sarı sürüşdürdü, sonra geriyə söykənib. - Bunu nə ilə izah edərsiz?.. - dedi.
Professor qəlyanın külünü külqabıya çırpıb içini tütünlə doldura-doldura:
- Siz yaxşı olardı ki, yuxularınızı danışasınız. Heç olmasa birini. - dedi.
General bir müddət dinmədi, elə bil ürəyində yuxusunu danışmalı olub-olmadığını götür-qoy elədi, sonra:
- Danışım. - dedi. - Bu, Məqbərəni andıran qəribə, yarıtikili bir yerdi…
«Məqbərə» sözündən professorun ürəyi bir qədər yerinə gəldi, alışqanı alışdırıb qəlyanını odladı.
Generalın bayaqkı mərhəmət ifadəsindən əlamət qalmamışdı.
- Dediyiniz o məqbərəyəbənzər yerdə nə vaxtsa olmusuz?.. - professor dedi və həmin dəqiqə də cavab gözləmədən - Ölkədən kənarlarda, ya hardasa, başqa bir yerdə? - deyə əlavə elədi.
- Dəqiq xatırlamıram. Bəlkə də.
- Belə hallar olur. - professor deyib qəlyanını asta-asta tüstülətdi. - İnsan nə vaxtsa olduğu, ya gördüyü bir yeri sonradan dəfələrlə yuxularında görur.
- Dediyinzdən belə çıxır ki, indi mən ömrümün sonunacan bu nə vaxtsa, hardasa gördüyüm tikilini yuxularımda görməyə məhkumam, hə?.. - General dedi və gizli narahatlıq dolu gözlərini professorun üzünə zillədi.
- Bilirsiz, bu sayaq halları adətən uzunmüddətli stresslər, yaxud, fasiləsiz, gərgin iş rejimi yaradır. İstənilən halda ətraflı müayinəyə ehtiyac var.
Professorun bu sözündən sonra Generalın üzündə qaramtıl kölgələr dolandı.
- Bu, əsasən gizli yaddaşın oyanışı ilə əlaqədar olur. Bəzən hansısa təsadüfi söz, ya ötəri qoxu şüuraltı yaddaşda nə vaxtdan bərisə gizli qalmış görüntünü oyada bilir.
- Məsələn…
- Məsələn, nə vaxtsa, uzaq uşaqlıq illəri keçirdiyiniz hiss, ya görüntü illər ötdükcə, yadınızdan çıxsa da, şüuraltı yaddaşınızda saxlanılır və hər hansı uyğun asossassiya ilə yenidən hərəkətə gələ bilir...
…General harasa, kənara zillənmişdi, elə bil eşitdiklərini əyani surətdə həmin o «kənardan» seyr edirdi. Sonra nə oldusa, professor qəfildən gözlərinin içinə iti iynələrlə sancılan boz baxışlardan cərəyan vurmuş kimi dik atılıb titrətdi…
…General indi də ona, əcyayib nəyəsə baxan kimi baxırdı… gözlərinin dərinliyi getdikcə qaralır, üzü kölgələnir, onu, içi ləvazimatlar dolu ağır, nimdaş çantasıyla bir havaya qaldırıb özünə sarı - bomboz, dibsiz uçurumu andıran gözlərin içinə sovururdu…
- Bu barədə heç kim heç nə bilməməlidi. Dediklərimi və deyəcəklərimi. Yoxsa…
Pofessor keyimiş dilini ağzının içində zorla hərlədi:
- Söz ve… ri… rə…
…General bayaqkı kimi, bir ayağını o birinin üstə aşırıb mərhəmət dolu gözlərlə ona baxırdı.
- Bu barədə mən çox fikirləşmişəm. Yəni siz deyəni. Axı görün bir haralarda olmamışam?!.. Əfsanəvi saraylar, sultanların məqbərələri... Amma məsələ burasındadı ki, ora- mən gördüyüm tamamilə ayrı bir yerdi. Son bir neçə günü isə səfeh bir fikir məni rahat buraxmır. Elə bil mən… - General bu yerdə sözünü yarımçıq saxladı, elə bil ardını gətirməyə ürək eləmədi.
- Siz yaxşı olar ki, mənə yuxunuzu danışaydınız. - professor qəlyandan bir qurtum da alıb divanın kükrəkliyinə söykəndi.
General ayağa qalxıb ehmal addımlarla o biri otağa keçdi və ordan, bir əlində içki dolu balaca, büllur qrafin, o biri ovcunda bir cüt gümüş qədəh geriyə qayıtdı, kreslosuna əyləşib gətirdiklərini səliqə ilə alçaq mizin üstünə düzdü, qrafinin qapağını açıb qədəhlərə süzə-süzə:
- Viski necə, içə bilirsiz?.. - dedi və cavab gözləmədən, qədəhin birini professora uzatdı.
Professor qədəhi dodaqlarına yaxınlaşdırıb iylədi.
- Məsələnin qəribəsi odu ki, yuxularım heç vaxt yadımda qalmazdı. İndi isə… - General deyib sual dolu gözlərini yenə professorun gözünün içinə zillədi. - Mən demək olar, hər gecə həmin o tikilidə oluram. Gah adamlarla, gah tək… Yuxulu vəziyyətlərim isə məni yorub əldən salır. Mən artıq iclaslarda da yatıram. Bu, elə belə məsələ deyil, professor. - bu yerdə General susub kiməsə təslim olan kimi başını aşağı saldı.
Çölün fırtınası sulu qar dənəciklərini pəncərələrin şüşəsinə çırpır, şüşələri titrətməyinə davam edirdi.
- Siz mənə hər şeyi danışmalısız, cənab general. - professor dedi və nədənsə, gözünün qabağına yenə səhiyyə nazirinin qaramtıl üzü gəldi.
- Nəyi, hər şeyi?.. - professor Generalın səsindəki gizli qıcığı hiss edib qədəhi mizin üstünə qoydu.
- Mən sizə yalnız bu halda kömək edə bilərəm.
- Mən neyləməliyəm?..
- Hər şeyi danışmalısız.
- Məsələn nəyi?..
- Həyatınızıq ən həlledici anlarını…
- Kimin barədə nə fikirləşdiyimi, nə barədə, hansı qərar qəbul etmək istədiyimi, hə?.. - General professora sözünü bitirməyə macal vermədi. - Siz bunları bilmək istəyirsiz, eləmi?..
- Yox, mənə, sizin şəxsi həyatınızda baş vermiş…
- Mən bu barədə danışmaq istəmirəm. - General yenə professorun sözünü kəsdi və qəfildən bozarıb irilən qorxunc bəbəkləriylə onun gözünün içinə zillədi.
Generalın bu qəfil baxışından professorun ürəyi sıxıldı. Gizləməyə yer tapmadığı əllərini pencəyinin ciblərinə salıb fikirləşdi ki, elə isə, bircə yol qalır… bu anlaşılmaz yöndəmsizlikdən bir təhər sivişib çıxmaq…
Odu ki, Generalın növbəti «hücumundan» qorunmaqdan ötrü harasa kənara baxa-baxa:
- Əks halda, mən acizəm. - dedi və kreslosunun hündür söykənəcəyindən onu amiranə sükutla müşahidə edən Generala baxmadan, harasa kənara - İcazənizlə, mən gedim. - dedi və ayağa qalxdı.
General dinmirdi. Bilmək olmurdu, onun getməyinə razıdı, ya yox. Bunu professor bir neçə an ayaq üstə dayanıb qaldığı yöndəmsiz vəziyyətdə götür-qoy elədisə də, Generaldan səs çıxmadı. Odu ki, meşin divanın dirsəkliyində yatan paltosunu ehmalca geyinib şlyapasını başına qoydu çantasını əlinə alıb:
- Sağ olun, cənab General. - dedi və cavab gözləmədən, qapıya sarı addımladı.
Dəhlizə çıxıb sola buruldu, bir neçə addım atmışdı ki, Generalın arxadan eşidilən səsinə ayaq saxladı...
- Professor!..
* * *
…Gün artıq yuxuda idi. Mətbəxdən yenə telefonun uzun-uzadı zəngləri eşidilirdi...
Professor yuxudan oyanıb başını qaldırmaq istədisə də, boynunu tərpədə bilmədi. Başının içini ağır qənbərlə doldurmuşdular elə bil…
Odu ki, dəhlizdən eşidilən telefon zənglərinə yerində uzana-uzana qulaq asdı. Telefon bir müddət də cingildəyib axır ki, susdu.
Bütün gecəni ağzı açıq qaldığından, ya nədənsə qurumuş dilini ağzının içiylə gəzdirə-gəzdirə yadına bu gecə gördüyü yuxusunu salmağa çalışdısa da, yadına, yuxunun əvəzinə, otağın hansı küncündəsə üzünə zillənən bir cüt boz göz düşdü…
- Azad olmaq istəyirəm… - General hansısa yaxınlıqdan dedi və üzünü nədənsə incimiş tək, kənara çevirdi... və professor xatırladıı…
Dünənki axşamı, sirli iqamətgahın həyətini qatıb-qarışdıran fırtınanı, Generalın hər an anlaşılmaz dəyişkənliklərə uğrayan üzünü…
Aşağıda kimsə:
- Dala çək, dala-dala!.. - deyib çığırdı və adətən bazar günləri həyətin zibilini yığışdırmağa gələnin maşınının vığıltısı eşidildi.
Balışın altında ehtiyatda saxladığı xırda pambıq tıxacları qulaqlarına keçirib yorğanı başına çəkdi, gözlərini yumub dünənki axşamı, Generalın çıxılmazlıqlar dolu əsəbi üzünü, boz gözlərinin o biri üzünə keçə bilmədiyi uğursuz seansları xatırladı…
Ayağa qalxıb dəhlizdəki divar şkafının yuxarı rəfinə dırmaşmaq, orda bir neçə ay bundan əvvəl yeşiklərə yığıb gizlətdiyi qədim əlyazmaların arasından, şüuraltı yaddaşın oyanışına dair bütün materialları tapıb çıxarmaq lazım idi. - fikirləşdi. - Dünənki seansın alınmamasının səbəbi - Generalın yorğun gözlərinin hansısa sirli mühafizə qatıyla örtülü olmasıydı. Bunu o yalnız dünənki seansın axırına yaxın - heç cür hipnoza sala bilmədiyi Generalın qəribə sayıq halından anlamışdı. Yoxsa, səbəb ayrı idi?.. - professor ürəyi sıxıla-sıxıla fikirləşdi. Bəlkə onu bu sirli gözlərin o biri üzünə buraxmayan, onun anlamaq iqtidarında olmadığı nə isə tamam ayrı bir şey idi?!..
Bir müddət də yerinin içində vurnuxa-vurnuxa, hər şeyi bir də yenidən xatırlamağa, yeknəsəq həyatının son bir neçə həftəsi ərzində baş verənlərin ağlasığmaz, fantastik sıçrayışlarla getdikcə, harasa daha qəliz anlaşılmazlıqlarla əvəzlənməyinin səbəblərini arayıb araşdırmağa çalışdısa da, bu barədə düşünməyə halı olmadını anladı.
Qəribəydi ki, bütün bu qatmaqarışıqlıqda həm də, lənət şeytana, qəribə bir qanunauyğunluq, anlaşılmaz bir uyarlıq var idi. Bu vaxtacan yuxularında təqib edildiyini düşündüyü halda, indi belə çıxırdı ki, sən demə, reallıqda da özü də bilmədən təqib obyektinə çevrilmişdi. Generalın onun barədə ən xırda incəlikləri belə bilməsi, az qala, evinin içində baş verənlərdən agah olması, professora hələ dünənki seansları vaxtı qəribə gəlmişdi. Bir-birinə dəyib toxunmadan, qəribə mistik paralelliklər üzrə inkşaf edən bu sirli təqibləri ümumiləşdirən nə idi?.. - professor yenə içinə qum tökülmüş kimi acışan gözlərini ova-ova fikirləşdi. Həm də bütün bu hadisələrin arasıyla nə isə tamam ayrı - ay şüası kimi ələgəlməz, namnazik bir proses də gedirdi elə bil… Bu, proses idi, ya professorun, heç cür tuta bilmədiyi səs, ya dalğa idi?.. Yoxsa, hansısa naməlum zaman ərazisinin ona bəlli olmayan qanunauyğunluqları idi?..
Axır nəydisə, hardasa lap yaxında, bütün mənzərələrin rəngində, adamların gözlərində, səslərində də hiss edilməkdə, günbəgün, saatbasaat ona yaxınlaşmaqdaydı… və ən qəribəsi də o idi ki, həmin o dalğavari nəyinsə yaxınlaşmağıyla, professor qəribə bir rahatlıq, bütün vücudunu sakitləşdirən izaholunmaz bir arxayınlıq hiss edirdi…
…Telefon yenidən işə düşmüşdü… aramsız zənglərlə dəhlizin sakitliyinə ətürpədən cingilti salırdı...
Saata baxdı. On birin yarısı idi. Olsun ki, baş həkim idi. Dünənki görüşün nəticəsi ilə bağlı ona veriləsi sualları sinəsini yandırırdı.
Ayağa qalxıb telefonun həyəcanlı zəngləri altında tələsmədən geyindi, dəhlizə çıxıb, bir müddət əlləri cibində, zəngini hələ də inadla çalan telefonun qarşısında dayandı.
Dəstəyi qaldırsaydı, baş həkimin yöndəmsiz suallarını bir-birinin ardınca yağdırmağı bir olacaqdı. O isə nə baş həkimə, nə də nazirə dünənki görüşlə bağlı heç nə deyə bilməzdi. Bunu professor hələ dünən, Generalla görüşü zamanı anlamışdı. Generalın ona açıqladığı həqiqətləri professor, əlli ilə yaxın müddət ərzində ona açıqlanan neçə-neçə sirlərlə bir özüylə qəbir evinə aparacaqdı.
Bu axşam yenə dünənki «casus-maşın» onu həmin o sirli iqamətgaha - Generalın hüzuruna aparmaq üçün həyətlərinə gələcəkdi, həmin o gözdəniraq, adamsız yerdə dayanıb səbrlə yoluqu gözləyəcəkdi.
…Telefon bir müddətdən sonra yorulub axır ki, susdu və evə qəribə, lal bir sükut çökdü.
Professor mətbəxə keçib orda çaydana su doldura-doldura, dünən bütün axşamı Generalın danışdığı acı xatirələr boyu açıq boz gözlərindən dərinliyində işaran nisgilli-ağrılı dalğaları xatırladı...
Bütün o möhtəşəmliyin və əzəmətin yuxular qarşısındakı acizliyi professorda, bu yenilməz insana, səbəbi özünə də aydın olmayan qəribə mərhəmət hissi oyadırdı.
…Telefon yenə aramsız zənglərlə cingildəməyə başladı…
Zənglərə məhəl qoymadan, eyvana çıxıb ordan, külək vurub salmasın deyə, iplə məhəccərə sarınmış nərdivanı içəri keçirdi, sürüyə-sürüyə dəhlizə çıxarıb divara söykədə, pillələri ehtiyatla qalxıb divar şkafının arxa küncündə bir vaxtlar qəzetlərə büküb gizlədiyi bir neçə əlyazmanı üst-üstə qucağına yığıb aşağı düşürdü.
Cilidləri pürşüklənmiş içi dolu qovluqları yazı masasının üstünə düzüb stolüstü lampanı yandırdı, kresloya əyləşib qovluqların birini açdı və birinci səhifəni oxudu:
«Həyatımız - əbədi ölümümüzdə qısa fasilədir…»
V FƏSİL
... Professor içəri daxil olanda, yenə ürəyinin sol nahiyəsindəki həmin toxuma sancdı. Elə bil o toxuma məhz qoca psixiatra reaksiya verirdi, onu görəndə xəstələnirdi, şıltaq- şıltaq sızıldayıb göynəməyə başlayırdı.
Professor çal bığları, girdə gözlüklü eynəyi, tünd göy mahuddan şlyapasıyla bu dəfə ona uzaq gənclik illərində ləzzətlə baxdığı sovet filmlərinin qəhrəmanlarını - çar dövrünün zadəgan həkimlərini xatırlatdı...
Professor bir neçə addım atıb qapının ağzında dayandı. Elə bil içəri girməyə ürək eləmədi.
- Buyurun, içəri keçin. - deyib ayağa qalxdı - Sizi görməyimə şadam. - və professora, dünən divanda oturduğu həmin yeri göstərdi. - Əyləşin.
Professorun fikri yenə dağınıq idi... elə bil indilərdə əlindən salıb itirdiyi həyatəhəmiyyətli nəyinsə nigarançılığını çəkirdi. Paltosunu soyunmadan, divana əyləşib bir müddət huşsuz hərəkətlərlə çantasının içində nə isə axtarmaqla məşğul oldu.
Kreslosuna əyləşib:
- Açığı, gözləmirdim ki, bu tezliklə nə isə eləmək mümkün olacaq. - dedisə də, professor elə bil onu eşitmədi, dəri çantasının içindən bir-birinin davamı kimi çıxardığı müxtəlif ölçülü kağız bağlamaları səliqə ilə jurnal mizinin üstünə düzdü.
- Siz orda neyləyirsiz, professor?..
- Bunlar bizə lazım olacaq. - professor fikri hələ də çantanın içində, həyəcandan, ya nədənsə, nəfəsi təngiyə-təngiyə dedi.
Professorun zahiri görünüşündə də, nəcib ədalarında da doğma olan nə isə var idi… Elə bil bu səbrsiz, qaradinməz adamla nə vaxtsa, hardasa həyatının ən ağrılı anlarını yaşamışdı... Ya bu doğmalıq dünənki axşamdan - həyatının ən ağrılı, gizli sirrlərini onunla bölüşməsindən yaranmışdı?..
Qəribəydi ki, dünən professoru iqamətgahının yarıqaranlıq, küləkli həyəti ilə ötürəndən sonra da, ürək qızdırıb danışdıqlarına, gizli etiraflarına görə zərrə qədər olsun, peşmançılıq çəkməmişdi. Bütün gecəni də rahat yatmış, nəyinki məqbərəni, ümumiyyətlə, yuxu görməmişdi. Bu səhər isə professorun dünənki ovsun seanslarında əməlli başlı hipnoza düşdüyünü anlamışdı. Elə olmasaydı, o, özünə yaraşmayan miskin sadəlövhlüklə bütün həyatını, ən gizli hadisələri və hisslərini, əsgər zabitə hesabat verən tək, bütün axşamı ona danışmazdı..
- Demək, deyirsiz, yuxu - insanın azad ola bildiyi yeganə vəziyyətdi.
- Bəli, bəli, elədi ki, var... - professor candərdi dedi. Başı indi də dizlərinin üstünə yığdığı sarımtıl səhifələri bir-birindən ayırmağa qarışmışdı.
Professor dünən də, burda - həmin bu qara meşin üzlü divanda oturub onun kövrək etiraflarına qulaq asanda da bu vəziyyətdəydi. Özü burda - onun hüzurunda ola-ola, elə bil həm də hardasa, uzaqlarda - ünvanı, səmti bu iqamətgahdan görünməyən hansısa, tamam ayrı ərazilərdəydi... Kağızları bir-birindən ayıran tələsik hərəkətlərindən, boynuna düşəni tezcə başa vurub buralardan qurtulmaq istədiyi göz qabağında idi.
Bir qədərdən sonra deyəsən professor axır ki, istəyinə nail oldu.
Sarımtıl səhifələrlə qalaqlanmış kağız bükülüləri müxtəlif həcmlərə bölünmüş hissələrlə mizin üstündə yanaşı dayanmışdılar. Professor da nəhayət ki, paltosunu soyunmaq qərarına gəlmişdi.
- Dünənki axşamdan sonra başa düşürəm ki, sən demə, özüm barədə heç nə bilmirəmmiş?!.. - deyib professora zilləndi.
- Əslinə qalanda, biz heç birimiz özümüz barədə heç nə bilmirik. - professor paltosunu divanın qoltuqluğuna atıb yenə mizin üstünədəki vərəqlərə qayıtdı. - Dünən özünüz də gördünüz ki, sizi hipnoza salmaq mümkün olmadı. Şüuraltı yaddaşınız möhkəm qorunur. Ora müdaxilə etmək olmur. Yol yoxdur... Ən təsirli hipnoz üsulları belə, o yola qoşulmağa imkan yaratmır. Mümkün deyil. - professor deyib çiyinlərini çəkdi, sonra qəfildən güclə seçiləcək təbəssümlə. - Açığını deyim, belə bir hal mənim qırx beş illik praktikamda ilk hadisədir. Mənim özüm üçün də maraqlıdır.
Hipnoz alınmışdı. - General ürəyindən qara qanlar axa- axa fikirləşdi, - ...professor yalan deyirdi. Olsun ki, professor onu düz hesablamamışdı… yaddaşlarında, qəlblərində, paltar şkafının siyirmələrində eşələnən tək, eşələnməyə alışdığı yüzlərlə xəstələriylə qarışıq salırdı...
- Məni ən çox narahat edən isə bu deyil. Sizin, insanlara, ümumiyyətlə, hər şeyə inamsızlığınızdı. Olsun ki, şüuraltı yaddaşınızı qapalı saxlayan da həmin bu qatı inamsızlıqdı. - professor bu yerdə susub fikrə getdi, sonra divanın ayağına söykədiyi çantasının içinə boylandı. - İnsanlara qarşı yadlığınızın mütləq hansısa, əsaslı səbəbləri var. O səbəblərdən çox olsun ki, siz özünüz də məlumatsızsınız. İlk əvvəl biz bunu aydınlaşdırmalıyıq.
Hələ ötən həftədən aldığı məlumatlardan, professorun şəhərdənkənar qəsəbələrin birində, qarısının ölümündən sonra tək tənha yaşadığından xəbərdar idi. Məlumatlara görə qoca professorun nə klinikada, nə ayrı bir tərəfdən heç bir ünsiyyət əlaqəsi yox idi, heç bir nəzəri fəaliyyətlə məşğul olmur, elmi əsər üzərində işləmir, yalnız praktiki müalicə ilə məşğul olurdu.
Eləydisə, professor niyə belə tələsirdi, onunla candərdə danışa-danışa niyə buralardan - hər ölkə vətəndaşının maraq və pərəstiş dolu sevgiylə can atdığı bu iqamətgahdan tezcə qurtulmaq istəyirdi?.. Bu dünyagörmüş, səbsiz alimin tələsdiyi yer hara idi?.. - professoru dinləyə-dinləyə fikirləşirdi.
- ...O ki, qaldı Məqbərəyə... burda müəyyən qədər nə isə başa düşülür... - professor deyib, ondan bir qarış kənara - sanki hansısa uzaqlarda qaralan möhtəşəm Məqbərəyə zilləndi. - O Məqbərəni, mən belə başa düşdüm ki, siz özünüz tikdirirsiz. Yuxularınızda yəni...
- Belə çıxır. Amma axı mənim heç bir Məqbərə tikdirmək niyyətim yoxdur?!.. - dedi və həmin dəqiqə də, yuxularında gördüyü Məqbərəyə necəsə, isinişdiyini anladı.
- İndi bunun bir o qədər də əhəmiyyəti yoxdu. Bunu dünən də danışdıq. Bizim şüuraltımızda baş verənlərdən çox vaxt özümüz xəbərsiz oluruq. - professor eynəyini düzəldib gözlərini qıydı. Elə bil bununla fikirlərində sahman yaratmağa çalışdı. - Dünən bütün axşamı bu barədə fikirləşmişəm. Sizin şüuraltınıza müdaxilə eləməyin mümkünsüzlüyü barədə. Dünən bunun səbəbi mənə məlum deyildi...
- Sözün qısası, vəziyyət - əlacsızdı.
Professor elə bil əvvəl onun nə dediyini anlamadı, sonra fikrini toplayıb:
- Mən, elə demədim. - dedi və divanın kürəkliyinə söykəndi. - Bu dəfə biz ayrı yolla gedəcəyik. - dedi və çantasının içindən, dəstəyi üst-üstə çirkli tənziflə sarınmış, ucuəyri, qaramtıl bıçağı və bir neçə sarımtıl səhifəni çıxarıb dizlərinin üstünə qoydu.
- Bu bıçaq misdəndi. - dedi - Bunu siz hər iki ovcunuzda saxlamalısız.
…Bıçağı əlinə aldı. Bədənindən soyuq cərəyanabənzər nə isə ötüb keçdi... Barmağını ucuna toxundurub itiliyini yoxladı.
Bıçaq, küt və ilıq idi... işlənməkdən, ya köhnəldiyindən, misi qaralmış, dəstəyi yeyilmişdi...
- Bu, lap casus bıçağına oxşayır. - bıçağı əlinin içində o üz-bu üzə çevirə-çevirə dedi.
- Gözünüzü yumun və mənə qulaq asın. - professor yenə elə bil harasa tələsirdi. - İlkin şərt - sizin daxilən rahat olmağınızdı.
...Gözlərini yumub dünənki kimi rahatlanmağa çalışdısa da, içini gərən narahatlıq sovuşmadı. Bütün bu seanslardan sonra bu tədbirli, uzaqgörən qocanın, həyatı boyu doğmalarına belə açmadığı sirlərini özüylə kənarlara - dörd bir yanı adamla dolu açıqlıqlara aparacağını bilə-bilə, hansı rahatlıqdan danışmaq olardı?..
- Hər şeyi unudun. - professor öz səsinə oxşamayan, ayrı səslə dedi. - Siz heç nəyi xatırlamırsız. Sizi heç nə narahat etmir. Tam sakitsiniz. Siz tam rahatsız... Ovuclarınız isti və yumşaqdır...
Professor dünən də eynilə bu sözləri deyirdi. - bıçağı ovuclarının içində bərk-bərk sıxa-sıxa fikirləşdi. - onunsa, eynilə dünənki kimi, yuxusu gəlmirdi...
- ...Ayaqlarınızın altı yumşalır, dabanlarınız ilıqdır…
Bıçağın tiyəsinin itiliyini indi də ovuclarıyla yoxladı.
Bıçaq, sən demə, bir o qədər də küt deyildi. Ən azı, çörək doğramağa yarıyardı… Sonra elə bil o çörəyi kəsdi də… bıçağın əyri ucunun, yaxşı bişməkdən qupquru qabarcıqlar bağlamış ətirli, qara çörəyin içinə salıb dilim-dilim doğradı… və professorun həzin səslə, qulaqyoran ahənglə dediyi sözlərdən, ya nədənsə qollarının süstləşdiyini hiss etdi... Sonra dabanları isindi… ovuclarının içində getdikcə ağırlaşan mis bıçağın, insan temperaturunu xatırladan qəribə, diri bir istiliklə isinməyə başladığını hiss etdi...
- ...ətraf sakitlikdi... boşluqdu... bizi heç nə narahat etmir... - professorun səsi getdikcə uzaqlaşırdı...
Gözlərini açmaq, professorun ha yana, hansı tərəfə çəkildiyinə baxmaq istədisə də, göz qapaqlarını qalıdra bilmədi… eşitdiyi son sözlər, anlaşılmaz, yad dialektin, qorxunc fışıltılar dolu səslərin arasında əriyib itdi… və o tanış cığırların, namnazik şırımlı arxların, kəqarları paslı məftillə bərkidilmiş taxta körpülərin böyür başından qəribə bir sürətlə ötüb nə vaxtdansa, lap çoxdannan görmədiyi doğma mənzərələri - doğulub böyüdüyü kəndi... tez-tez cığallıq edib dava saldğı kənd uşaqlarını, tənəffüslərdə məktəbin arxa həyətində qoyun qırxan dazbaş coğrafiya müəllimlərini gördü... elə həmin dəqiqə də məktəbdən bir az aralıda, belində dama-dama yun şalı, örüşə aparan yolun bostanlığında çöməlib torpaqla əlləşən anasını gördü…
Anası yenə hamilə idi... və elə ordaca doğulan körpəni qucağına sıxıb ona sarı yeriyən nənəsini gördü... Nənəsi qucağındakı bələyin içindən qara muncuğa bənzər gözlərlə sakit-sakit ona zillənən körpəni ona göstərə-gəstərə, tənbəkidən qaralmış dodaqlarnı fıştırıq çalan kimi, qabağa uzadıb xırıltılı səsiylə:
- Sən bunnardan döyilsən, bala!.. - dedi. - Sən tamam ayrı ulduz altında gəlmisən bu dünyaya. Ən nəhəng, ən işıqlı ulduzun altında!.. O ulduz buralardan görünmür, bala!.. Amma onu sən mütləq görməlisən!.. Yoxsa, kim olduğunu bilməyəcəksən. Vallah bilməyəcəksən, bala…
***
...Ayaqlarının altı gizildəyirdi... yandırırdı...
Əlini ayağının altına atmaq istəyəndə qolu gizildədi... İstidən, havasızlıqdan nəfəsi kəsilə-kəsilə:
- Çıraqları yandırın! Yandırın çıraqları!.. - dedisə də, səsini eşidən olmadı.
Səsi yaxınlıqda xırda ləpələrlə ləpələnən hovuzun səsinə qarışdı...
Dartınıb özünü dikəltdi.
Məqbərənin içi boğanaq idi...
Arxada dayananların isti nəfəsindən idi, ya nədənsə, havası çatmırdı...
Arxadakılar da elə bil qızdırmışdılar... Arxadan ona sarı qızdırmalı nəmişlik axırdı elə bil... Yoxsa, bu boğulma tutması, son həftələrin əsəb gərginliyinin bəhrəsi idi?..
Bədəni əyləci sıradan çıxmış mühərrik kimi, canının istisini qarnının içinə yığmağa başlamışdı...
...Çıraqları axır ki, yandırdılar… Məqbərənin divarları, içərinin istisindən, ya nəmişliyindən tərləyib damla-damla su axıdırdı... Yoxsa yağış yağırdı?..
- Açın pəncərələri… - ürəyi sıxıla-sıxıla dedi, sonra qəfildən bərkdən - Pəncərələri açı-ın!!.. - deyib bağırdı.
- Rütubət özüldən gəlir, əla həzrətləri... - kimsə lap böyründə, astadan dedi.
Çaqqala bənzər balaca, arıq adam idi, qaranlıqda işaran tülkü gözlərini üzünə zilləmişdi.
...Qəsdən bu yeri seçmişdilər… - zəqqutun tamlı acı qəzəb içini oya-oya fikirləşdi. - Qəsdən məhz buranı seçmişdilər ki, zəlzələ də sökə bilməsə, nəmişlik söksün. Söküb çökdürsün... yerlə yeksan eləsin...
Nəmişlik daşların canına yerimişdi, gün şüaları buz sarayı əridən kimi, divarların içini oya-oya Məqbərəni əridirdi… Əridirdi ki, onu onun taxt-tacıyla bir Yer üzündən itirsin...
- Bu yeri seçəndə başınız hardaydı?.. - Məqbərənin divarları o danışdıqca, səsini canına çəkirdi, suya çevirib damla-damla ha yanasa axıdırdı.
Səsi də itirdi burda... -fikirlşdi, dişlərini qıcayıb:
- Sizinləyəm!.. -dedi.
Arxadakılar səmtini dəyişən sürü kimi, yerlərində tərpəşdilər...
- Mən dedim, sözümü eşidən olmadı. - kimsə arxadan dedi.
Divarların nəmişi hardansa, arxa tərəfdən - sütunların o biri üzündən sızırdı… mərmər döşəmənin altıyla, torpağın içiylə sürünə-sürünə, divarların canına yeriyirdi… özülü damla-damla, hissə-hissə yuya-yuya, Məqbərəni pillə-pillə çökdürürdü…
Geriyə qanrılıb arxadakıların üzlərinə zilləndi…
İçərinin qaranlığı heç kimin üzünü görməyə imkan vermirdi… çıraqların zəif işığı altında hamı bir-birinə oxşayırdı…
...Yadına, iki gün əvvəl nahar vaxtı taleyin buyruğuyla içirtdiyi kəhrəba rəngli şərbətdən bircə göz qırpında dayandığı yerdəcə dünyasını dəyişən - əlində qab-qacaq dolu məcməyi bükülüb əlindəkiləri yerə salan, qarala-qarala qovrulub döşəməyə yıxılan xidmətçinin xain zəhərlənməsindən qaralıb kül rəngini alan üzü düşdü...
Bütün bunlar elə belə deyildi... - gözünün ucuyla, hovuzun ətrafında hürkmüş üzlərlə, xain gözlərlə, pusquda duran kimi, dayananlara baxa-baxa fıkirləşdi. Bəlkə də bu dəqiqə, bu an - o, burda - Məqbərənin tikilişinin seyrinə çıxdığı məqam hansısa yaxınlıqlarda ölümünə gizli hazırlıq işləri gedir, məkr və intiqam dolu sui-qəsd planları hazırlanır. Odu ki, nəfəsləri belə istidi... Odu ki, qızdırmalıdırlar. Odu ki, divarlar tərləyir... Divarları tərlədən - xainlikdən isinən qəlblərinin nəfəsləridi!..
…Ürəyi sıxıldı. Ötən həftənin sonu gördüyü yuxusunu xatırladı...
Yarıqaranlıq, darısqal dəhliz... kişənəyə-kişnəyə qaçıb çöllüklərdə itən atından ovuclarında qalan cilov... iniltisinə dəhlizə çıxıb köməyinə qaçdığı, qucağına alanda, cansız olduğunu anladığı ölü uşaq...
...Üzbəüz sütunun arxasında kimsə vardı... Yoxsa, ona elə gəldi?..
Hardansa uzaqdan, aramla Məqbərəyə yaxınlaşan ilxının səsi eşidilməyə başladı...
Ürəyi qəfil zədə almış kimi, sopsuq giziltiylə göynədi...
Bu, ilxı deyildi… Atlı qoşunun səsi idi...
- Bu nə səsdi belə?.. - səsi də zədəli idi...
- Nə səs, əla həzrətləri?..
Nəfəsini içinə qısıb sakitliyə diqqət kəsildi...
Hə, özüdü ki, var… atlı qoşunun səsi idi… Aramla məqbərəyə yaxınlaşırdılar...
Ürəyi əsəbi-əsəbi döyündü, geriyə qanrılmadan:
- Guya eşitmirsiniz? - dedi.
- Xeyr, heç bir şey eşitmirik. - arxadan səs gəldi.
…Hamının rəngi saralmışdı... Yoxsa, ona elə gəldi?!..
...Sonra o qoşunu gördü də... Eləcə oturnduğu yerdə… Məqbərənin səskeçirməz divarların arasından… sinəsinin içində bitən gözləriylə gördü...
...Ucubiz dəbilqələri, gümüşü nizələri, pullu döyüş libaslarıyla nəhəng, dəmir dalğa kimi şahə qalxan atlı qoşun toz dumanının içiylə Məqbərəyə yaxınlaşırdı...
- Demək heç nə eşitmirsiniz. - deyib ayağa qalxdı.
- Xeyr, zati-aliləri, heç nə eşitmirik. - hamı bir ağızdan mələşdi.
- Bəs onda niyə belə saralmısız?..
...Bu sözdən sonra nə oldusa, hamı əmr almış kimi, geriyə çəkildi… üzbəüzdəki qızılı sütunun arxasından sıçrayan üzü niqablı, əlisilahlı iki əsgər quzğun kimi üstünə şığıdı... Əsgərlərdən biri qollarını geriyə qarıb onu göz qırpımında dizi üstə çökdürdü, o biri - yastı xəncərini boğazına yeritdi...
...Xəncərin itiliyindən bədəni uçundu... boğazının qanı nəfəs yoluna dolub onu boğdu... və o, o biri sütunun arxasından, sütundan qopan qəlpə tək, ayrılıb ləng addımlarla üstünə yeriyən Minbaşnın nifrət və qələbə dolu cavan üzünü gördü...
Minbaşı ona yaxınlaşdıqca, elə bil yuxarı qalxırdı, havayla gəlirdi...
Yoxsa, o aşağı çökürdü, qanından islanıb ağırlaşan ipək arxalığının dibinə yatırdı?!..
Minbaşı ona çatıb dizi üstə oturdu, bir müddət ağır-ağır nəfəs ala-ala, üzünə yaxından baxdı… sonra ehmal hərəkətlərlə əlini əlinə alıb şəhadət barmağındakı dövlət möhürlü üzüyünü sivirdi, ovcunda sıxıb ona bir az da, bu dəfə mərhəmətlə baxdı...
... Minbaşının üzü tərli idi...
***
- ...Cənab General!.. Cənab General... - professorun dil-dodağı qurumuşdu.
...Generaln nəbzi itmişdi, rəngi avazımış, dırnaqları göyərmişdi...
...Bu, necə ola bilərdi?!.. - professor vahimədən başının tükləri qabara-qabara fıkirləşdi. - O ki, hər şeyi düzgün eləmişdi?!..
Əlləri titrəyə-titrəyə Generalın göz qapaqlarını aralayıb bəbəklərinə baxdı.
Generalın bəbəkləri tünd və cansız idi...
Nəfəsi tutula-tutula köynəyinin düymələrini açıb qulağını sinəsinə dirədi.
Generalın sinəsi, divar kimi soyuq və səssiz idi...
...Gözü Generalın yazı masasının böyründəki mizin üstündə qaralan nömrəsiz telefon aparatına sataşdı...
Özünü aparata atıb dəstəyi qaldırdı...
Dəstəyin o başından:
- Bəli, cənab General. - səsi eşidildi.
- Mən Veyisovam... professor Veyisov... - professor hiss elədi ki, dili söz tutmur, - ... cənab General...
...Bir dəqiqə keçmədi ki, dəhlizdən tarappıltı səsləri eşidildi… bir neçə əlisilahlı hərbçi hövlənak içəri daxil oldu, professoru kənara itələyib divara dirədilər. Onların ardınca otağa vətəndaş geyimində bir neçə adam və əli ləvazimatlı həkim dəstəsi doldu, nəfəssiz Generalın başına yığışıb cəld hərəkətlərlə onun vəziyyətini yoxladılar, ağırlaşmış bədənini ehtiyatla kreslodan qaldırıb yaxındakı divana keçirdilər.
Dəhlizdə kiminsə telefonla:
- … Nəfəsi eşidilmir… - deyən həyəcanlı səsi eşidildi və çox keçmədi ki, otağa, əlləri kardioloji cihazlarla, çantalar və qutularla dolu ayrı həkim briqadaları doluşdu... ağarmış bənizlərlə Generalın nəbzini, bəbəklərini yoxlamağa, özləri gətirib gəldikləri cihazları tələsik hərəkətlərlə quraşdırmağa başladılar.
Generalın şəxsi mühafızəçiləri də burda, həkimlərin arasında idi.
Biri həkimlərdən aralanıb professora yaxınlaşdı, əl atıb professorun üzünü, kağızı əzən kimi, eynəyiqarışıq əzdi...
Eynəyin qırıq şüşəsi professorun qaşını kəsdi... qanı gözünün içinə yayılıb otağı qıpqırmızı göstərdi…
Mühafizəçini kənara itələyib ondan araladılar...
Burnu da əzilmişdi… mühafızəçinin əlindən, ya ağzına sızan qanın qoxusundan, professor damağında qəribə, kimyəvi dad hiss elədi...
* * *
Maşın şəhərin kimsəsiz küçələrindən ötdükcə, təkərləri yolların çala-çuxuruna düşüb içindəkiləri çalxaladıqca, professorun qaşının qanı daha şiddətlə axıırdı.
Qabaq oturacaqda oturan mülkü geyimli şəxslərdən biri, deyəsən, qrupun başçısı maşının güzgüsündən geriyə - profesorun üzünə zillənib:
- Olsun ki, damara düşüb. - dedi.
Bayaqkı mənzərə - seansın gözlənilməz məqamı Generalın qəfil zərbə almış kimi, ağrılı iniltiylə inildəyib əllərini xirtdəyinə atması, boğazından yapışıb özünü boğan tək, boğması, sonra cansız bədəninin bütün ağırlığıyla kreslonun dirsəkliyinə yıxılması hələ də gözünün qabağındaydı…
Ürəyi bulanırdı… Ürəyi yenə içinə dolmağa başlayan dumanabənzər nədənsə bulanırdı... Dünənin axşamını - bütün gecəni fövqəladə hallarda tətbiq olunan hipnotik əməliyyatlar barədə çardaqdan tapıb çıxardığı qədim əlyazmada oxuduqlarını, daha sonra bu əlyazmanı hardan və necə əldə etiyini yalına salmağa çalışdı və xatırladı...
Bu əlyazmanı ona, uzun müddət Tibetdə işləmiş, sonradan hansısa səbəbdən ordan da yoxa çıxmış keçmiş həmkarlarından biri - insanın şüuraltı yaddaşının sirlərinə dair yazdığı unikal əsərləri ilə dünyanın bir çox ölkələrində məşhurlaşmış Dementiy Nikiforoviç bağışlamışdı...
...Əlyazmanın saralmış səhifələri, cadu və dua mətnlərinin oxunuş qaydaları, paralel zaman ölçülərinə ötürülmə üsulları, əlaqə cədvəlləri, energetik qütblərin bölünmə əmsalları bir-birinə qarışıb başını hərləndirdi...
Qaşının qanı hələ də gicgahıyla sızırdı…
Əlini cibinə salıb burun yaylığını çıxartmaq istədisə də, çantasının və əlyazmaların iqamətgahda - Generalın otağında qaldığını xatırladı...
- Mənim çantam...
Başçı geriyə çönüb:
- Nə dediniz, professor?.. - dedi.
- Çantam orda qaldı.
- Narahat olmayın, professor, çantanıza heç nə olmayacaq... - dedi, sonra geriyə qanrılıb maşının, ya özünün ha tərəfindənsə çıxartdığı xırda tənzif bükülüsünü ona uzatdı.
Eynəksiz olduğundan, ona ötürülənin nə olduğunu seçə bilmədi və sol böyründə oturan o biri mülkü geyimli adamın onu çiynindən qucağladığını yalnız indi anladı.
«Çantanıza heç nə olmayacaq, sizə isə olacaq.» - professor bir neçə dəfə ürəyində təkrarladı.
Maşın şəhərin mərkəzindən ötüb üzüaşağı - sahil parkına sarı buruldu.
Küləyin toz-torpağını göyə üfürdüyü yarıqaranlıq küçələr bomboş idi.
Onu evə aparmırdılar… Məlum məsələydi ki, evə aparmırdılar. - ürəyi sıxıla-sıxıla fikirləşdi. - Generalı öldürən adamı hansı məntiqlə evə apara bilərdilər axı?!..
...Maşın bir də burulub, professorun hələ cavanlıq illərindən yaxşı tanıdığı, içində baş verən qorxunc hadisələrdən uzaqdan-uzağa xəbər tutduğu Dövlət Təhlükəsizlik Komitəsinin həyətinə daxil oldu və dəmir çərçivəli hündür qapılarından birinin qarşısında dayandı.
Uzun illərlə, yolu bu dövlətəhəmiyyətli binanın qarşısından düşdükcə, qaramtıl şüşələrinin arxasından işığın yanıb-yanmadığı bilinməyən bu tikilinin içəri üzündə nələr baş verdiyini təsəvvüründə canlandırmağa çalışdığı dövrləri xatırladı… İndi hər şeyi öz gözləriylə, əyani surətdə görəcəkdi.
...Professoru maşından, binanın girəcəyində dayanmış ayrı iki nəfər - olsun ki, bu binanın vətəndaş geyimli əməkdaşları düşürüb içəri ötürdülər.
Vestibül zirzəmini andıran pəncərəsiz, qapalı bir yer idi.
- Veyisov. - sağ tərəfdən qoluna girmiş əməkdaş girəcəyin yaxınlığında şüşəli arakəsmənin arxasında oturmuş kiməsə atdı və onu vestibülün sağ cinahında qaralan liftə sarı apardılar.
Liftdən elektrik məftilinin yanığı iyi gəlirdi… düymələrinin üstündə mərtəbələri göstərən rəqəmlər yox idi. «Qrupun başçısı» liftə hamıdan axırda daxil oldu, professorla üzbəüz dayanıb nömrəsiz düymələrdən birini basdı və lift professorun gözlədiyi kimi, yuxarı yox, harasa, aşağı getdi...
Alt mərtəbələrdən birində liftin qarşısı ağzında professoru iki nəfər əlisilahlı əsgər gözləyirdi. Onu mülkü geyimlilərdən təhvil alıb yarıqarınlıq dəhlizlərdən keçirə-keçirə binanın daha havasız və qaranlıq dərinliklərinə apardılar.
Binanın alt qatı üst qatından xeyli böyük, üst hissəsinin mərtəbələri çoxhücrəli alt hissəsinin bir növ ayzberqvari başlanğıcı idi... - professor əsgərlərin arasıyla yeriyə - yeriyə fikirləşdi.
Əsgərlər tünd yaşıl rəngli alçaq qapılardan birinin qabağında dayandılar, qədim qala darvazalarının açarlarını andıran iri, qara açarlarla qapını açıb professoru içəri ötürdülər, qapını arxadan kilidləyib elə bil bir mərtəbə də aşağı endilər. Yoxsa, yuxarı qalxdılar?.. Axır ki, əsgərlərin getdikcə uzaqlaşan addım səsləri bir müddət hardansa, aşağı mərtəbələrdən eşidildi və kəsildi...
Bura alçaq tavanlı, darısqal bir otaq idi. Üstünə boz adyal çəkilmiş dəmir çarpayıdan, aşağı küncdə divara bərkidilmiş qazana oxşar dəmir ləyəndən və bir kətildən savayı heç nə yox idi.
Ayaqlarını ardınca sürüyüb özünü çarpayıya saldı.
Dizləri əsirdi. Olsun ki, aclıqdan idi… həm də keçirdiyi bayaqkı qorxudan.
Özünü dikəldib toparlanmağa çalışdısa da, dizlərinin, qollarının tanış süstlüyündən, dərmansız keçinə bilməyəcəyini anladı.
Gərək bayaq ona tənzif bükülüsü ötürən başçıya şəkər xəstəsi olduğunu, dərman asılılığıyla yaşadığını deyəydi...
Qalxıb qapıya sarı yeridi, orda özünü divara söykəyib qapını zəif-zəif döyəclədi.
Gərək başa salaydı onu ki, dərmansız keçinə bilmir… Xəstədi.
Ürək döyüntüləri getdikcə, zəifləyirdi… Nəfəsi arada bir ciyərlərində ləngiyib gözlərini qaraltdı... və yenə bayaqkı mənzərə - tiyəsi sarıqlı bıçağı iki yerə böləcək kimi, sıxıb saxlayan Generalın cansızlaşıb sinəsinə asılan başı, boğazının yoluna dolan son xırıltılarla xırıldaması gözünün qabağına gəldi...
Seansa başlamazdan, yadına gəlir, cib saatında vaxtı dəqiqləşdirmişdi. Ölüm - düz yeddi dəqiqədən sonra baş vermişdi… General, onu boğurmuşlar kimi, əllərini xirtdəyinə atmış, bir müddət nəfəsi kəsilən tək, cabaladıqdan sonra başı kəsilmiş kimi, xırıldamağa başlamışdı...
...Bu nə demək idi?.. - qapını bir də döyəclədi və hiss elədi ki, necə bədəni boyu qanı ləngiyib donmağa başlayır...
Olsun ki, bu, fiziki ölüm deyildi... Olsun ki, Generalın şüuraltı yaddaşında nə isə baş vermişdi... Nə olmuşdusa, orda olmuşdu…
Generalı ordan - şüuraltı yaddaşının hansı döngəsindənsə büdrəyib düşdüyü o qaranlıq ölüm uçurumundan çıxarmağın yolları barədə əlyazmada heç nə yazılmamışdı…
Yaddaşını gərib şüuraltı ilə əməliyyatlarda baş verə biləcək bu sayaq hallarla bağlı gözünə sataşan hər hansı cümləni xatırmağa çalışdısa da, anladı ki, əməliyyatın bu tərəfi ilə bağlı bəlkə də yazılmış hissəsini oxumayıb. Buna, sadəcə, vaxtı çatmayıb…
İndi məsələnin bu qəliz mahiyyətini o kimə və necə başa salaydı?.. - qapını döyəcləməkdən yorulub yerinə qayıtdı.
Baş vermiş hadisə ilə bağlı danışıb anlatmağa çalışacaqları, dindirilmə protokollarına köçürülməkdən savayı, ayrı heç nəyə yaramayacaqdı və o, ömrünün qalan hissəsini burda - qəbr evini andıran bu pəncərəsiz, darısqal otaqda, bu gecəki seansdan qazandığı casus statusuyla başa vurmalı olacaqdı…
Ürəyi laxlayıb elə bil dayandı… Ayağa qalxıb nəfəs dərdi, ehmal addımlarla yeriyib dargözlüklü havakeçənin altında dayandı.
Yoxsa, məsələlər tamam ayrı cür idi?.. Generalın taleyinə yazılmış ölüm aktı hansı gizli qüvvələrin hökmü iləsə seans vaxtına salınmışdı?..
…Dəhlizdə elə bil qapı açıldı… ya bağlandı?.. Və professor yenə yuxularını… akademikin sirli qətlini xatırladı… Əlini jiletinin cibinə saldı.
Saatı yoxa çıxmışdı...
Saatını harda qoya biləcəyini yadına salmağa çalışdı və yadına düşdü ki, saatını heç yerdə qoya bilməzdi...
Əlini toqqasına atdı. Zəncir həmişəki yerində - toqqanın ilgəyindən asılı vəziyyətdə qalmışdı, saat isə yoxa çıxmışdı.
Ola bilsin, qırılıb harasa düşmüşdü. - fıkirləşdi və çarpayının kənarına əyləşdi. - Bundan sonra saat nəyinə lazım idi?.. İndi onu burdan, bu havasız, dar kameradan azadlığa buraxsalar belə, yaşamağa qoymayacaqdılar.
Hardansa yadına, "Lenin 1918-ci ildə" filminin ağ-qara kadrları - Lenini qəfıl güllə ilə öldürmüş əks-inqilabçı Kaplanın xalqın təpiyi altında vəhşicəsinə döyülməsi səhnəsi düşdü...
İndi o da təxminən həmin vəziyyətdəydi. - gözləri yuxusuzluqdan acışa-acışa fikirləşdi və çarpayının adyalını açmadan böyrü üstə uzandı.
Hər şey hansısa sirli qunauyğunluqlarla, səliqəli ardıcıllıqla bir səmtə doğru gedirdi. Onu hər tərəfdən sıxa-sıxa, darısqal yollarla edama aparırdılar...
Bozgödəkçəli yuxuda, ehmal hərəkətləri və daha nələri iləsə bozgödəkçəlini andıran bayaqkı vətəndaş geyimli adamlar burda…
…Çarpayının dirəndiyi əhəngli divarın o üzü xırda-xırda döyüldü... Yoxsa, bu, ona elə gəldi?!..
Dikəlib sakitliyə diqqət kəsildi.
Üstü cürbəcür rəqəmlər və sözlərlə cızılmış sarımtıl divarı o üzdən kimsə xırda-xırda döyürdü…
Dizi üstə dikəlib qulağını divara dirədi…
Divarın o üzü sakitlik idi... sonra elə bil o üzündə nəfəs aldılar… Yoxsa, qulağına səs gəldi?!..
Barmaqlarının ucuyla divarı astaca tıqqıldatdı.
- Professor!.. - qəfildən hardansa, az qala, qulağının dibindən tanış səs eşidildi... - Bu sizsiz?!..
Qulağında yandırıcı güllə kimi partlayan səsin vahiməsindən gözləri qaraldı...
…Bu, bir neçə gün bundan əvvəl mum rəngli bənizi, sarımtıl əlləriylə Elmlər Akademiyasının işıqlı iclas salonunda - gül səbətləri və qara, atlas lentlərlə bəzədilmiş hüznlü səhnədə qırmızı məxmər örtüklü tabutun içində yatan akademikin səsiydi...
Nə isə demək istədisə də, səsi çıxmadı...
- Professor, mənəm... Yadınıza düşdü?..
Özünü toplayıb başıyla "hə" dedi.
Divar bir də, bu dəfə əməlli-başlı döyüldü...
- Professor?!.. Siz məni eşidirsiz?..
- Eşidirəm.. - özünü bir təhər ələ alıb pıçıldadı.
- Siz niyə pıçıldayırsız?.. Bizi heç kim eştmir. - akademik deyib susdu. Elə bil onun nə deyyəcəyini gözlədi, sonra həmin boğuq səslə - İndi inandınız mənə?.. Heç olmasa, indi başa düşdüz ki, ğütün o dediklərim havalı adamın sayıqlamaları deyil?.. - deyib elə bil qəhələndi.
Bütün bunlar nə demək idi?.. - akademikin boğuq səsini dinlədikcə, ürəyi vahimədən sıxıla-sıxıla fikirləşdi... Akademiki bura kim salmışdı?.. Əgər bu dəqiqə divarın o biri üzündən danışan adam həqiqətən, akademik idisə, onda Elmlər Akademiyasının Rəyasət zalının güllər içində itib batan səhnəsindəki cənazədə mum rəngli üzü, sarımtıl əlləri ilə yatan kim idi?..
«Bütün bunlar əslində yuxu deyil, professor.» - deyən akademikin vahimə saçan balaca üzü gözünün qabağına gəldi… və bu görüntüdən, bədənindən xoşagəlməz bir gizilti ötüb keçdi…
Əgər bütün bunlar, akademik deyən kimi, yuxu deyildisə, onda həmin o müdhiş gecə yuxunun ən dərin, keçilməz məqamı ikicə addım yaxınlığında baş verən o əlbəyaxa vurnuxmada boğula-boğula onu çağıran kim idi?..
Fikirləri yenə bir-birinə qarışdı... Yaddaşını gərib dəfn günü səhnədə - gül dağının içində itib-batan akademikin üzünü xatırlamağa çalışdısa da, yadına, ömründə birinci dəfə gördüyü sarımtıl dərili, yad sifətdən savayı, ayrı bir şey düşmədi... və dəhşət içində anladı ki, hansı möcüzəyləsə o daha akademikin üzünü xatırlamır... Yaxın dəqiqələrəcən üzünün az qala ən xırda əzələsi belə yaddaşında közərən akademikin üzünü yaddaşından yerli-dibli silmişdilər...
Akademikin səsi ha yanasa uzaqlaşdı…
Qulağını divara dirəyib vahimədən bədəni uçuna-uçuna, o üzdən qırıq pıçıltılarla sızan səslərə diqqət kəsildi…
Divarın içi anlaşılmaz pıçıltılarla təngiyən insan nəfəsləri ilə dolu idi…
…Cərəyan almış kimi geriyə sıçradı…
Hər şey aydın idi… Bayaqdan hey aşağı enə-enə gəlib çıxdığı bu darısqal məkan olsun ki, yuxularında sümrüldüyü həmin o Astananın özüdü… - qulaqları uğuldaya-uğuldaya fikirləşdi.
Divar yenə bayaqkı ehmal tıqqıltılarla xırda-xırda döyüldü...
- Professor?!.. Siz hara getdiz?.. - akademikin səsi bayaqkından xeyli aydın eşidildi. Akademik indi elə bil divarın içindən danışırdı. - Siz məni eşidirsiz, professor?..
- Eşidirəm-eşidirəm. - deyib udqundu.
- Mən sizə deyirdim, sizsə inanmırdız. Deyirdim axı, onlar məni aparacaqlar... - akademik dedi və elə bil qəhərdən boğuldu.
…Başının tükləri qabardı… vahimədən keyimiş dilini ağzının içində zorla hərəkətə gətirib:
- Mən... elə bilirdim, siz ayrı qüvvələri deyirsiz...
- Qüvvələri?.. Hansı qüvvələri?..
- Ali... ilahi qüvvələri. - dedi və özü də fikirləşdi ki, niyə sərək-sərək danışır?..
- Bəli, mən bunları deyirdim, professor. Ali olanları… Axı mən onun haqqında yazırdım?!.. - akademik bu yerdə pıçıltıya keçdi. - Onlar o dəqiqə xəbər tutdular...
- Kimin haqqında?.. - pıçıldadı.
- Onun haqqında.
- Axı kimin - onun?..
Bu an nə baş verdisə, akademikin isti nəfəsi hardasa lap yaxınlıqda - qulağının içində hiss etdi... Elə bil akademikin seyrək, çal bığları qulağının mərcəyinə də dəydi…
Akademik qaynar pıçıltıyla:
- Sizin beşcə dəqiqə bundan əvvəl öldürdüyünüz adam haqqında. - deyib susdu.
...Akademikin bu sözündən gözləri qaraldı...
- Mən heç kimi öldürməmişəm. - deyib divardan aralandısa da, akademik:
- Öldürmüsüz-öldürmüsüz. - deyə pıçıldadı - Bu məqamı ömrünüz boyu gözləmisiniz. Özünüzdən xəbərsiz. Dediyiniz həmin o şüuraltı yaddaşınızla…
Akademik sonra yenə nə isə dedi, qulaqlan uğuldadığından, başa düşmədi… Akademikin səsi uzaqlaşıb bayaqkı pıçıltılara qarışdı və professor divarın o üzündə kiminsə pis-pis güldüyünü öz qulaqlarıyla eşitdi…
- Siz orda tək deyilsiz?.. - professor dedi və nəyə görəsə qızardı.
…Divarın o üzünə yenə sakitlik çökdü...
Fikirləri bir-birinə qarışdı… Nəhəng cüssəli General yenə geriyə qanrılıb boz gözlərini nizə kimi üzünə sancdı…
- Sizi günü sabah, gəldiyiniz dəhlizlərdən keçirib bir mərtəbə də aşağı düşürəcəklər. Orda meşin divarlı balaca otağa salıb xırdaca dəlikdən güllələyəcəklər... - akademikin səsi dedi.
- Nəyə görə?.. - professor bir şüşəsi çatlaq eynəyini gözünə sıxdı. Elə bil akademiki eynəksiz eşidə bilmirdi.
- Nəyə görə?.. Guya özünüz bilmirsiz?.. Axı siz qatilsiz, professor. Generalın qatili. - akademik bunu deyib o üzdə pıqqıldadı elə bil.
- Siz... Siz orda gülürsüz?.. - professorun dili dolaşdı.
- Kim, mən?.. - akademikin səsi qəfildən qəhərlə dolub açıldı. - Siz nə danışırsız, professor, mənim ağlamaqdan savayı, ayrı əlacım yoxdu. Hansı günümə gülə bilərəm?!.. Sizdən sonra məni də həmin o otaqda güllələyəcəklər. Ya da olsun ki, artıq güllələyiblər?!.. - akademik ağlamsına-ağlamsına dedisə də, çox keçmədi ki, yenə divarın o üzündən xısın-xısın gülüş səsləri eşidildi...
Akademikin son cümləsindən az qala nəfəsi kəsildi… sonra fikirləri bir-birinə qarışdı... Nəhəng cüssəli General otağın sol küncündən ona zillənmişdi...
Ürək döyüntüləri zəifləyib itə-itə başını divara söykədi…
...Divarın o üzünə yenə sakitlik çökmüşdü… Elə bil daha oralarda heç kəs yox idi.
Divarı tıqqıldadıb:
- Siz ordasız?.. - soruşdu və həmin dəqiqə də divarın o üzündən akademikin asta səslə dediyi:
- Burdayam. - kəlməsi eşidildi.
- Mən… qorxuram. - professor dedi və hiss elədi ki, boğazını qəhər tutur...
- Mən də. - akademik pıçıldadısa da, professor onun səsində zərrə qədər olsun, qorxuya bənzər nə isə hiss eləmədi. Sonra divarın o üzündən xışıltı səsi gəldi… olsun ki, akademik oturduğu, ya dayandığı vəziyyətini dəyişdi. - Burdan xilas olmağın bircə yolu var, professor. Burdan qaçmalıyıq.
- Qaçmalıyıq?.. Burdan qaçmaq... - professor deyib duruxdu…
- Biz hamısını fıkirləşmişik.
- Biz?!..
- Hə, burda mənim iki adamım var. Onlar bizə kömək edəcəklər. Əslində, mən dünən getməliydim, sizi gözlədim. Bilirdim, əvvəl-axır gələcəksiz.
- Siz...
- Qulaq asın, indi sizin kameranm qapısını o biri üzdən açacaqlar. O dəqiqə çıxmayın. Qırxacan sayın, sonra dəhlizə çıxıb sol tərəfə gedin. Orda sizi qarşılayacaqlar.
- Bes heç siz demədiz axı... - dəhlizdən eşidilən ayaq səsləri, professorun sözünü yarımçıq qoydu. Kimsə oğrun-oğrun kameranın qapısına yaxınlaşırdı...
Dizlərini qucaqlayıb divara qısıldı...
Çox keçmədi ki, kameranın qapısına açar saldılar… nəhəng kilidinin içində üç dəfə burdular. Sonra yenə sakitlik çökdü. Qapının arxasındakı adam niyəsə çıxıb getmədi. Yoxsa, onun çəkisiz yerişini, həyəcandan tutulan qulaqları eşitmədi?!..
Bir müddət bədəni uçuna-uçuna çarpayının kənarında oturub akademikin dediyi kimi, qırxacan saydı. Sonra ehmalca ayağa qalxıb qapıya yaxınlaşdı. Bir müddət qapını açmadan, kandarda dayanıb dəhlizə diqqət kəsildi.
Dəhliz sakit idi…
Qapını ehmalca aralayıb çölə boylandı.
Dəhlizin yarıqaranlığında gözə bir kəs dəymirdi… irəlidən sağa və sola burulan dar keçidlərin başlanğıcı görünürdü.
Dəhlizə çıxıb akademikin dediyi kimi, sol tərəfə buruldu, ehmal addımlarla yeridi. Yeridikcə, akademikə verməyə macal tapmadığı sualları düşündü. O akademikdən, bura necə düşdüyünü, arvadının divar sobasında yandırdığı əsərin Generala həsr olunan həmin o əlyazma olduğunu, onun bu kameraya salınacağını əvvəlcədən kimdən öyrəndiyini soruşa bilmədi… - fikirləşdi, bu fikirdən özünü qəribə yöndəmsizlikdə hiss etsə də, addımlarını ləngitmədi.
Dəhlizin qurtaracağında bir yol da sola burulurdu, ordan aşağı mərtəbənin yarıqaranlığı görünürdü...
...Pillələri ehmalca endikcə, bayaq divarın o üzündən eşidilən sirli pıçıltıları, akademikin iztehza qarışıq qəhərli səsini, arxasından eşidilən acı gülüşləri xatırladıqca, tükü ürpəndi…
...Hardasa irəlidə -dəhlizin qurtaracağında iki kölgə dəydi gözünə. Kölgələrdən biri elə bil əl elədi ona. Yoxsa, bu, professora elə gəldi?!..
Pencəyinin düymələrini bağlayıb addımlarını yeyinlətdi.
Kölgələr hərbi geyimli, bulanıq üzlü iki nəfər cavan adam idi, onun yaxınlaşdığını görüb əllərindəki ağır açarları xışıldada-xışıldada haranınsa kilidini açmağa başladılar.
Açılan - zindan ağırlığında balaca çöl qapısının kilidi idi.
Professor bunu, qaranlıq dəhlizin qurtaracağına qəfildən şığıyan işıq zolağından anladı...
Çölə çıxanda günəşin, ya gur şüaları gözünün içini ağardan nəyinsə işığından büdrəyib ayaq saxladı… əlini gözünün üstünə qoyub ətrafına baxdı...
Süd rəngli işıqlı dolu qəribə, ilıq boşluq idi...
- Bura... - deyib nə isə soruşmaq istədisə də, soruşacağını həmin dəqiqə unutdu... Onu azadlığa buraxan cavan hərbçilərə təşəkkürünü bildirməkdən ötrü geriyə qanrılanda isə hərbçilərdən birinin kölgələr sarışan qaramtıl üzündən, qaranlıqda hərbi uniformanı andıran boz gödəkçəsinin tanış damalarından az qaldı ürəyi dayana...
...Bozgödəkçəli idi… başını, onu tanımırmış kimi, aşağı salıb qapını bağlayırdı… qapının xırda nəfəsliyə bənzər qəfəsli pəncərsindən, heç nə ifadə eləməyən donuq üzü bir anlıq görünüb yox oldu…
Bir müddət bədəni bu ilıq işığın içində rahatlana-rahatlana dayanıb durdu. Sonra necəsə qəfildən gözü boz gödəkçəlinin çəkib bağladığı qapının üstündəki rəqəmlərə sataşdı...
Qapının yuxarı hissəsində gümüşü rəqəmlərlə 21, bir qədər aşağıdakı ağ lövhəcikdə isə, qara hərflərlə: Veyisov N.A. yazılmışdı...
***
- Cənab general!.. Zat aliləri…
- Elə yox, mən özüm. - kimsə astadan dedi və üstünə əyilib lap yaxından:
- Cənab general. - pıçıldadı.
Şəxsi həkimi idi, üstündə təcrübə aparan alim sifətiylə, üzünə lap yaxından baxırdı. Ayıldığını görüb mümkün qədər ehtiyatla:
- Özünüzü necə hiss edirsiz, cənab general? - deyib dikəldi.
Nə isə demək istədisə də, dilini tərpədə bilmədi. Dili böyümüşdü, ağzına zorla yerləşirdi.
- Yaman qorxutdunuz bizi. - həkimi rahat təbəssümlə ona hardansa, uzaqdan baxırdı.
Tavan ağappaq işıqlarla dolu idi…
Bura iqamətgah deyildi.
- Qorxulu bir şey yoxdu. Yüngülvari ürək çatışmazlığıdı. - həkim deyib başıyla, arxasında dayanan kiməsə işarə elədi.
Gicgahı küt alətlə zərbə almış kimi, gizildəyirdi. Dilini bir təhər hərəkətə gətirib:
- Başım ağrıyır. - dedi.
- İynələrin təsiridi. Beyniniz tam dincəlməlidi. Hamısı yorğunluqdu, cənab general. Həmişə deyirdim. Sizsə qulaq asmırdız.
Dikəlmək istədisə də, özünü tərpədə bilmədi. Qolları, kürək əzələləri küt ağrılarla gizildəyirdi...
- Qollarım… onlar şişib elə bil. - dedi və sol qolunu yorğanın altından çıxarıb o üz-bu üzə çevirdi.
- O sizə elə gəlir. Dərmanların təsiridi. Bir müddət belə olacaq. Zarafat deyil, sizi ölümdən qaytardıq.
"Ölüm" sözündən ürəyi bulandı...
- İki gündü əlləşirik.
- İki gün?..
- Bəli, düz iki gün.
- Demək istəyirsən, iki gündü mən yatıram?..
- Yatmısız deyəndə ki, sizi yatırtmışıq. Dərmanların köməyi ilə. Ayrı yol yox idi. Siz elə vəziyyətdəydiniz ki... - həkim dedi və elə bil bəbəkləri irildi.
Ağzı zəhər kimi acı idi, quru dodaqlarını yalayıb:
- Nə vəziyyətdəydim ki?.. - dedi.
Həkim elə bil əvvəl danışmağa ürək eləmədi, sonra bir anlıq tərəddüd edib qəribə hüznlə:
- Ürəyiniz düz səkkiz dəqiqə dayanmışdı. - dedi.
- Səkkiz dəqiqə?..
Həkim başını kədərlə elə yırğaladı, elə bil dediyi həmin o səkkiz dəqiqədən sonra o ölmüşdü, sonra üzünü kənara çevirib elə bil qəhərləndi. Ya bu, ona elə gəldi?!..
- Demək səkkiz dəqiqə. - deyib fikirlərini bir yerə toplamağa çalışdısa da, fikirləri çəkisiz toz zərrəcikləri kimi havaya dağılıb ələ gəlmədilər...
Yaddaşını gərib həkimin dediyi həmin o iki günə sığmış səkkiz dəqiqənin içini - yaddaşında ordan saxlanan nələrisə xatırlamağa çalışdısa da yadına, içi buxar dolu dumanlı nəmlikdən savayı heç nə düşmədi.
- Yadımda deyil... - dedi.
Sonra həkimin dediyi həmin o səkkiz dəqiqəlik «ölümünə» qədərki halını yadına salmağa çalışdsa da, yaddaşı gur işıqlı səhnələrdə çuğlayan adam üzləriylə doldu...
...Qapı astaca aralandı və həkim kiminsə işarəsiylə ayağa qalxıb:
- Mən indi gəlirəm. - deyərək, otaqdan çıxdı.
Həkim gedəndən sonra otağa əllərində su dolu iri ləyən, iki tibb bacısı daxil oldu. Ləyəni çarpayısının yanındakı mizin üstünə qoyub əllərini, ehmal hərəkətlərlə üzünü yudular.
Tibb bacılarından sonra gümüşü məcməyidə ona yüngül nahar yeməyi və meyvə şirəsi gətirdilər. Məcməyini gətirən ayrı tibb bacısı idi, əlindəkini mizin üstünə qoyub utancaq təbəssümlə:
- İcazənizlə sizə kömək edim. - dedi.
Qızın üzü Generala tanış gəldi. Amma onu harda gördüyünü yadına sala bilmədi.
- Ac deyiləm.
- Sizə damardaxili dərman vurulmalıdı. Acqarına olmaz, həkim dedi… - qız deyib çarpayısının yanındakı stula əyləşdi, içinə yarıyacan şorba tökülmüş kasanı əlinə alıb asta-asta qarışdırmağa başladı.
- Bəlkə bir az dikəldim sizi?.. - qız deyib utancaq baxışlarla üzünə zilləndi.
- Lazım deyil. Mən nə qədər qoca olsam da, dəyərəm min cavana… - dedi və özünü bir təhər dikəldib balışa söykəndi.
Şorba qəribə şirin tam veriridi… Yoxsa ağzının tamını dərmanlar dəyişmişdi?..
Şorbanı dərmanların təsirindən keyimiş udlağıyla bir təhər uda-uda, yenə həmin sirli səkkiz dəqiqə haqqında fikirləşdi və qəfildən yaddaşı - gur işaqlı səhnələrlə, bir-birinə bənzər adam üzləriylə doldu… Sonra necəsə, adamların arasında, gözündə eynək, başında tünd göy mahuddan şlayapa, qəhərli üzüylə ona zillənən tanış sifəti gördü… və xatırladı…
Professor…
Şorba nəfəs yoluna doldu… onu gözləri yaşara-yaşara, boğula-boğula öskürtdü...
Yaddaşının ən nazik şırımlarıyla həmin o küləkli-fırtınalı axşamı, şüşəli sarayın əsim-əsim əsən pəncərələrini, çal saçlı, eynəkli professorun dağınıq hərəkətlərini xatırladı...
Əllərini çevirib ovuclarlına baxdı.
Miss bıçağın qaramtıl izi hələ də ovuclarındaydı...
Kətan salfeti sinəsindən yığışdırıb:
- Kifayətdi, daha istəmirəm. - dedi, bıçağı ovuclarında sıxdığı həmin o taleyüklü anı yadına salmaqdan ötrü gözlərini yumub fikirlərini bir yerə toplamağa çalışdı və qırıq-qırıq olsa da, nə isə xatırladı...
…Yarıqaranlıq sarayı andıran havasız yer... hardansa, arxa tərəflərdən eşidilən xain pıçıltılar...
Bütün bunlar, yadına gəlir, professorun onu nağılçı səsi ilə yatırtmağa başlayandan sonra olmuşdu... Bəs ürəyi nə vaxt dayanmışdı?.. Həmin o havasız sarayda?.. Orda nə baş vermişdi?..
Yaddaşı bu barədə inadla susurdu.
…Tibb bacısı şorba kasasını məcməyiyə qoyub ayağa qalxdı və asta addımlarla otaqdan çıxdı.
Fikirləri yenə bir-birinə qarışdı... Yuxularında gördüyü Məqbərəni andıran o yarıqaranlıq saray hara idi?.. Ya bəlkə bütün o gördükləri - yarıqaranlıq sütunlar boyu alovlu dilimlərlə dalğalanan o çıraqlar, şırıltısı dəqiq yadında qalan o hovuz o biri yuxularının davamı olan ayrı yuxu idi bəlkə?..
Bütün bunlara professor aydınlıq gətirəcəkdi. Öz analitik düşüncə məharəti ilə. - ürəyi darıxa-darıxa fikirləşdi. Seans vaxtı ürəyini səkkiz dəqiqəlik dayandıran səbəblə bağlı, dörd bir yanı yuxularındakı Məqbərə tək, nəmiş qoxuyan yarıqaranlıq, havasız sarayla bağlı...
Sonra nə oldusa, birdən-birə uzandığı yerdə başı hərləndi... boğazının içi göynədi…
Əlini xirtdəyinə atdı və yenə xatırladı...
Həmin o sarayaoxşar, yarıqaranlıq yerdə kiminsə zərbəsindən, ya nədənsə, dizi üstə düşdüyünü, üstünə ha tərəfdənsə şığıyan kiminsə onu döşəməyə sərib xirtdəyinə nə isə yeritdiyini xatırladı...
Əlini boğazında gəzdirə-gəzdirə, üstünə şığıyan adamın üzünü yadına salmağa çalışdısa da, qəfildən ağlına gələn növbəti fikrin dəhşətindən gözləri qaraldı…
Bəlkə xirtdəyinə yeridilib ürəyini susduran - professorun qaramtıl miss bıçaq idi?..
Nəfəsi sinəsinə ilişib qaldı… əlini çarpayının baş tərəfındə divarda qızaran düyməyə uzadıb basmağıyla, qapının açılmağı bir oldu.
Özlərini hövlənak içəri atanları həmin dəqiqə tanıdı.
Cangüdənləri və mühafizə alayının təhlükəsizlik xidmətinin bir neçə əməkdaşı.
- Professor Veyisovu təcili tapın. - deyib özünü dikəltməyə çalışdısa da, dirsəkləri zəif-zəif titrəyib bədənini yatağın içinə saldı.
Gangüdəni özünü irəli atıb ona dikəlməyə kömək elədi:
- Sizə hələ tərpənmək olmaz, cənab general.
- Təcili Veyisovu tapın, dedim. - deyib nəfəsi təngiyə-təngiyə öskürdü.
Hardansa aşağıdan - həyətdən at ayağının səsini andıran səslər eşidildi… və qəfildən yenə xatırladı...
…Gecələrlə xəbis-xəbis yuxularına yeriyən həmin o lənətəgəlmiş Məqbərəni - oranın çıraqlı sütunlarını, nəm çəkib qaralmış divarlarını… sütunların arxasından sıçrayıb üstünə şığıyan qara libaslı əsgərləri, onlardan birinin ona sarı uça-uça, havadaca uzunboğazının sol tayından siyirib çıxardığı qısa xəncəri… xirtdəyinə işləyib damarlarının arasıyla sürüşən ətürpədən o itiliyi…
Bütün bunlar baş vermişdi… Ürəyi də həmin dəqiqələrdə dayanmışdı… Onu, itiliyini hələ də canında hiss elədiyi xəncərlə öldürmüşdülər demək...
Yaddaşını gərib, dizi üstə çökdüyü məqam üzünə yaxından baxan, nəfəsi nəfəsinə işləyən üzü xatırlamağa çalışdısa da, yaddaşı bulandı... xəbis pıçıltılar və hovuz şırltısıyla müşayət olunan qırıq-qırıq yarıqaranlıqlarla doldu…
Professorun «heç cür alınmayan uğursuz seansları» onu axır ki, "bir addım geriyə» - içinə sala bilmişdi... İçi isə bu idi... nə vaxtsa xaincəsinə qətlə yetirilmiş Məqbərə...
Demək, bütün bunlar olmuşdu... nə vaxtsa öldürülmüşdü… öz sarayında, taxt-tacında xəbis xəyanət toruna salınıb məhv edilmişdi...
...Yarıqaranlıq Məqbərənin mərmər sütunları boyu dilimlənən zəif alov, hansısa uzaqlıqlardan Məqbərəyə yaxılaşmaqda olan qoşunun, dəniz təlatümünü andıran səslərini eşitdi...
Bütün bunlar nə vaxt olmuşdu?.. Ora hara idi?..
Dəqiq olanı bir bu idi ki, bütün bunlar həqiqətən baş vermişdi. Onu xaincəsinə öldürmüşdülər və səbəbi məlum olmayan bu sui-qəsd neçə vaxtdan bəri yuxularında qaralan həmin o ölüm qoxulu Məqbərədə baş vermişdi…
Ürəyi zəif-zəif çırpındı…
…Qapı xırda-xırda döyüldü və açıldı.
Təhlükəsizlik naziri idi. Qapının arasından əvvəl başı, sonra içi ağac tilişkəsi dolu çuvalı andıran bədəni göründü. Ürkək hərəkətlərlə içəri daxil olub çarpayısına yaxınlaşdı, ehmal hərəkətlərlə yaxındakı stula əyləşib yenə ürəyini bulandıran həmin o süni sevinclə:
- Allaha min şükür. Şükürlər olsun, o böyük Yaradana. - deyib içi qorxu dolu gözlərini üzünə zillədi. - Həmişə ayaq üstə.
- Hələ ki, uzanmışam. - ağzının içində deyib üzünü kənara çevirdi.
- Qalxarsız, inşallah. Həkimlə özüm danışmışam. Bu axşam, ətraflı müayinə üçün Almaniyadan yeni briqada gəlir.
Nazirin qonur bəbəklərində, üzünə geydiyi süni sevincdən əlamət yox idi.
- Mən Veyisovu çağırtdırmışdım. - pəncərədən görünən tənha buluda baxa-baxa dedi.
…Həkim də nə vaxtsa içəri daxil olmuşdu, hardansa nazirin arxasından:
- Elə o məsələdən ötrü gəlib, cənab General. - dedi və həmin dəqiqə də bilinməz səssizliklə mürəxxəs oldu.
- Mənə heç nə deyilməmişdi, cənab general. - nazirin rəngi qəfildən dəyişdi. - O gecə sizin vəziyyətiniz elə idi ki... Biz öhdəmizə düşən vəzifə borcumuzu yerinə yetirdik. Biz qanunlar üzrə hərəkət etdik, cənab General. Bunu, hər şey bir yana qalsın, protokol tələb edir. - Nə protokol?.. Hansı protokol?..
Nazirin sağ yanağı titrədi.
- Sizinləyəm!.. O, indi hardadı?..
- Biz onu o axşam… - nazirin səsi də titrədi. - nazirliyə apardıq.
- Nazirliyə niyə?
- Belə hallarda…
- İndi o hardadı?.. - deyib dikəlmək istədisə də, qolları yenə bədənini ağırlığına tab gətirmədi.
- O… Həmin axşam uşaqlar onu idarəyə apardılar.
- İdarəyə?..
Gözləri qaraldı:
- Kim göstəriş verib?..
- Mən. - nazir ölümcül səslə deyib girdə gözlərini tez-tez qırpdı.
- Sən?..
- Bəli, cənab general.
- Axı... - nə isə demək istədisə də, nəfəsi sinəsinə tıxanıb danışmağa imkan vermədi.
- Siz… əsəbiləşməyin, cənab general... - nazir nəfəsi itə-itə kəkələdi. - Məni axıracan dinləyin. Axı o gecə, sizin ürəyiniz... vəziyyətiniz pisləşəndə, otağınızda... kreslonuzun yanında - döşəmədə bıçaq tapılıb. O axşam professordan savayı iqamətgaha ayrı bir adam daxil olmayıb. Siz bir özünüz fikirləşin...
Naziri axıra qədər dinləməyə səbri çatmadı:
- Professoru bura gətirin. Təcili!..
Nazirin rəngi göz qırpında qaraldı, əllri əsəbi nəvazişlə bir-birini sığalladı:
- Cənab general, xahiş edirəm... Son dərəcə xahiş edirəm, məni axıracan dinləyin.
- Veyisovu təcili bura gətirin. - dedi və hiss elədi ki, havası çatmır.
Nazir başını aşağı salıb susdu.
- Nə oturmusan?..
- Cənab general...
- Sözünü de!..
Nazirin dodağı səyridi:
- Professor Veyisov həmin gecə…
- Hə, həmin gecə nə?..
- Kamerada... keçinib. - nazir dedi və qorxudan bərələ qalmış gözləriylə üzünə baxdı.
- Necə keçinib?..
- Ekspertin rəyinə görə, üçlə dörd radələri arasında ürəyi dayanıb. Yuxuda.
...Gözləri qaraldı…
Nazir yenə nə isə dedi və sol əliylə sağ əlini, özgə əlini sığallayan tək sığalladı. Sonra qapı açıldı və otağa bir-birinin ardınca, həmin saxta təbəssümlərlə üzünə gülümsəyən nazirlər daxil oldu… çarpayısının önünə düzülüb bir müddət müntəzir şagird duruşuyla üzünə zilləndilər, neçə vaxtdan bəri tamarzı qaldıqları əmr və göstərinlərini gözlədilərsə də, o dinmədi…
Bir qədər sonra qapıda, bəbəklərinin qarası az qala bütün vücudunu bürümüş baş nazir göründü… xırda, qıvraq addımlarla ona yaxınlaşıb yüngül təzimlə əlini sıxdı və çarpayısının yanındakı stula əyləşdi. Onun ardınca, gödək boylu, sarışın müdafiə naziri, dövlət müşavirləri və o birilər ehmal addımlarla otağa daxil olub çarpayısının başına yığıldılar, böcək gözləriylə üzünə zilləndilər... Sonra tibb bacısı gəldi, qolunu rezin sıxacla bağlayıb damarına iynə yeritdi.
Dərman qanına işlədikcə, göz qapaqları ağırlaşmaşa, beyni dumanlanmağa başladı…
Beyni dumanlandıqca, otaq narın buludları andıran soyuq hava axıntılarıyla dolduqca, nazirlər ayağa qalxıb bir-bir çarpayısına yaxınlaşır, titrək səsləri ilə nə isə deyə-deyə, əlindən öpürdülər.
Nazirlərdən kağız iyi gəlirdi...
Bir qədər sonra... soyuq hava dumanı sıxlaşıb bütün otağını dolduran ağappaq buluda çevriləndə, o çarpayıda yox, ağ atlasdan sırınmış cənazənin içində idi… üstünə yorğan əvəzinə salınmış milli bayrağın altında uzanmış halda ucsuz-bucaqsız izdihamın üstü ilə üzürdü...
…Qadınlar və uşaqlar, qocalar və şikəstlər, çolaq, iflic xəstələr ayaqlarını çəkə-çəkə, kədərdən, ələmdən üzülə-üzülə cənazənin ardınca irləliləyirdilər... İnsanlar dəli çığırtılarla qışqırır, qadınlar əyinlərindəki paltarları cırır, uşaqlar ağlaşırdı...
Uzaqdan mavi minalı Məqbərənin naxışlı qullələri görünürdü…
İnsanlar büdrəyə-büdrəyə, ayaqları, dizləri Məqrəbəyə aparan yoxuşun daş-kəsəyində yaralanıb qanaya-qanaya dikdiri qalxır, onun cansızlıqdan ağırlaşmış bədənini Məqbərənin mərmər döşəməli, qızılı sütunlu salonuna salırdılar… Neçə vaxtdan bəri yolunu gözləyə-gözləyə bərq vuran bürünc pyedestalın havakeçirməz, şəffaf qapağı açıq vəziyyətdə idi…
Hardasa aşağılarda Məqbərəyə uzanan yollar boyu tonqallar qalanırdı… Uşaqlı-böyüklü, hamı odun daşıyırdı… Odun daşımağa gücləri çatmayanlar əyinlərindəkiləri cırıb, uşaqlarını soyundurub pal-paltarları tonqallara atır, növbəyə düzülüb, yumşaq çarpayıya girən tək, bir-birinin ardınca yalın ayaqlarıyla yanar tonqalların içinə girir, orda şəhid sükutuyla diri-diri külə dönürdülər…
Tonqalların alovu getdikcə şahə qalxır, istisi bütün şəhərə yayılırdı…
Sonra nə oldusa, onu da cənazədən çıxarıb, milli bayraqqarışıq ha yanasa apardılar… Məqbərinin yaxınlığında qalanan ən iri tonqalın içinə salıb dəli ehtiraslarla:
- Cənab genera-a-al!!.. Zat alilər-i-i!!!.. - deyə bağırmağa başladılar…
Qaranlıq göyün üzü insan bağırtılrı ilə dolub daşdı…
…O isə heç bir ağrı hiss eləmir… əl-ayağanı yandırıb qaraldan göyümtül alov dilimlərinin arasından Mənbərənin qızılı qüllələrinin tonqalın işığından bərq vurmağına tamaşa eləyə-eləyə, əriyirdi…
Tonqalda onunla bir yananlardan kimsə qəfildən lap yaxından:
- Daha yaxşısız, cənab general... - dedi...
...Gözlərini açdı…
Həkimi idi, çarpayısının yanındakı stulda əyləşmişdi, həmin saxta təbəssümlə üzünə baxırdı:
- Sabahdan iynələri kəsirik, cənab general. - dedi. - Ürəyinizin vəziyyəti artıq qənaətbəxşdi. İndi sizin müalicə müəyyən qədər hərəkət və təmiz havadan ibarət olacaq. Sizə hava lazımdır, cənab general. Mütləq təmiz hava!..
***
…Son günlər camaat danışırdı ki, qiymətlər daha qalxmayacaq. Bununla da inflyasiyaya son qoyuldu.
- Daha çörək növbələrində gecədən-sübhəcən keşik çəkib onunla-bununla sözləşməkdən canımız qurtardı. Çörəklər də, Allaha min şükür, daha dədə-baba qaydasıyla, ağıllı-başlı buğda unundan bişirilir və adamın qarnını tay o cür köpdürmür.
- Şəhərin küçələri də elə bil abıra minib. Bu başıbatmışların vaxtında səkilərin kənarına köhnə ayaqqabı tayları kimi üst-üstə qalanan maşınların da, trolleybusların da hərəkəti Allaha şükür ki, bərpa olunub. Daha camaat hava qaralandan sonra küçələrə çıxmağa qorxmur. Adamların üzündən də, elə baxanda görünür ki, rahatlıq yağır.
Deyirlər, müharibəyə də bununla son qoyuldu. Daha oğul-uşağına baxanda heç kimin ürəyinin başı sökülməyəcək.
- O kişi, Allahın bu məmləkətə göndərdiyi xilasın özüdü… - ağsaqqallar deyirdi. - Xalqının uğrunda ölümə getməyə də hazırdı. Deyirlər, ölkənin, Vətənin müqəddəratı həll olunan yığıncaqlarda onun boz gözlərinin vahiməsindən bütün o rüşvətxor məmurların halı çönür. Deyirlər, hansısa müşavirin onun bu vahiməli baxışlarından, iclasda oturduğu yerdə, hamının gözü qabağında ürəyi gedib…
Bəziləri, Millət Atasını hər an qarabaqara izləyən düşmənlərindən qorumaq məqsədilə, bir çox iclaslarda onun cüt tayının iştirak etdiyinə and içir, həmin o «ikinci tayı» öz gözləriylə gördüklərini sübuta yetirməkdən ötrü nədən desən, mərc gəlirdilər. Bəziləri isə danışırdılar ki, onun oxşar tayı bir yox, bir neçədi. Deyilənə görə, Millət Atasının oxşar taylarını şəhərin ayrı-ayrı səmtlərində keçirilən rəsmi və qeyri rəsmi tədbirlərdən yayımlanan verilişləri izləyənlərin çoxu görmüşdü. Deyilənə görə, dünən axşam saat beş radələrində o, şəhərin uzaq qəsəbələrindən birində yerləşən Maşınqayırma zavodunda olmuş, səhnəyə qalxıb fəhlələrin qarşısında iki saata qədər nitq söyləmiş, həmin vaxt həm də Filarmoniyada qocaman memarın dəfn mərasimində iştirak etmiş, qolunda qırmızı bağlama, sənətkarın cənazəsi önündə fəxri qarovulda dayanmışmış… Qəzetlərsə, həmin tarixdə Millət Atasının ümumiyyətlə, ölkədə olmadığını, iki gün bundan əvvəl hansısa dövlətin başçısının dəvətiylə üçgünlük səfərə yollandığı barədə qısa xəbərlər yaymışdılar…
Yalan-doğru, deyilənə görə, Millət Atasının həmin o əkiz tayları onu yalnız danışmaq lazım olmayan yerlərdə əvəz edə bilirdilər. Bəziləri isə deyirdilər, həmin o əkiz tay ümumiyyətlə, adam deyil… üstünə dəri çəkilmiş cansız robotdu.
- Qışın sərt şaxtasında, yayın cırhacırında açıq havada saatlarla ayaq üstə, qolları mil kimi yanlarına pərçimlənmiş vəziyyətdə dayanmağından da, üzünün donuq ifadəsindən də bilinir ki, bu, adam deyil.
Deyirdilər, bu sayaq tryukları təhlükəsizlik xidmətinin xüsusi idarəsi, Generalı xəbis düşmənlərini çaşdırmaqdan ötrü həyata keçirirdi.
- Odu ki, kişiyə heç nə eləyə bilmirlər. Üç körpü, dörd bina, yeddi küçə partladıldısa da, kişinin tükünə belə xələl toxunmadı. Göydə Allah var. Odu ki, onu istəməyənlər, adlarını «müxalifət» qoyub əleyhinə səfeh-səfeh təbliğat aparanlar Allahın cəsasına gəldilər. Biri maşın qəzasında öldü, o biri vertalyotda partladı, bu biri içkidən zəhərlənib it kimi gəbərdi…
Camaat danışırdı ki, son aylar Generalın yaxın ətrafından, keçmiş iş yoldaşlarından da bəzi naməlum vəziyyətlərdə yoxa çıxanlar olmuşdu.
- Onlar da, Allah bilir, kişinin ayağının altını qazmaq fikrinə düşənlər olub. - camaat deyirdi.
Deyilənə görə, yaxın günlər prezidentin şəxsi həkimi də - şəhərin məşhur psixiatoru professor Veyisov da bir neçə gün bundan əvvəl axşam çağı həyətlərinə daxil olan qara dövlət maşınında naməlum istiqamətə getmiş və bir daha geri qayıtmamışdı.
1995-1996
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
Комментариев нет:
Отправить комментарий