Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


вторник, 2 июня 2009 г.

AZƏRBAYCAN ƏDƏBİYYATI AVROPA TƏDQİQATININ DİQQƏTİNİ CƏLB EDİR.

Avstriya alimləri Afaq Məsudun yaradıcılığını tədqiq edir.

Dünya ədəbiyyatı, mədəniyyəti bir-biri ilə qarşılıqlı təsir nəticəsində inkişaf edir. Müasir ədəbiyyatşünaslıq elmində inteqrasiya adlanan bu sahə hazırda öz aktuallığı ilə diqqəti cəlb edir. İnteqrasiya prosesinin əsasını isə bir xalqın ədəbiyyatının digər xalqlarda maraq doğurması, öyrənilməsi təşkil edir. Bu tədqiqatlar müxtəlif elm ocaqlarında istər qocaman alimlərimiz, istərsə də gənc tədqiqatçılarımız tərəfindən öyrənilir. Hazırda mənim də üzərində işlədiyim, araşdırmalar apardığım mövzu bu sahəyə aid edilə bilər. «Avropa şərqşünaslığında Azərbaycanın qadın şair və yazıçılarının tədqiqi tarixi» mövzusu ətrafında araşdırma apararkən ilk əvvəl məni qorxu hissi bürüdü. F.Meyerin Məhsəti Gəncəvi yaradıcılığının tədqiqindən əlavə tutarlı, fundamental tədqiqatın olmaması fikri ortaya çıxdı. Bu fikri məndə Azərbaycan Milli Kitabxanasında apardığım araşdırmalar yaratdı. Bundan sonra mən Dövlət arxivində və digər yazıçıların şəxsi arxivlərində axtarışlar aparmağa başladım və təəssüf ki, avropa tədqiqatçılarının diqqət dairəsinə düşmüş ədəbi hadisəyə rast gəlmədim.
Afaq Məsudun şəxsi arxivində tapdığım (bu arxivdə 2002-ci ildən yatan) bir material isə mənə böyük ümidlər verdi. Bu, yazıçının yaradıcılığı barədə 2002-ci ildə Vyana Universitetində doktorluq dissertasiyasının müdafiəsi faktı idi. Hər bir Azərbaycanlı üçün fəxarət doğuracaq bu hal təbii ki, məni ikiqat sevindirdi. Mən həm elmi işimin yazılması üçün tutarlı məlumat, həm də müasir Azərbaycan ədəbiyyatının, Azərbaycan sənətkarının Avropa elm adamları tərəfindən yüksək qiymətləndirilməsi faktı əldə etmişdim.
Ümumiyyətlə, A.Məsud yaradıcılığı, yazıçının hələ ilk qələm təcrübələrindən öz orijinallığı ilə diqqəti cəlb edib. Əsərlərinin psixoloji durumu, daxili sarsıntıların, duyğuların təsviri, istər ailədaxili münasibətlərdə, istərsə də ictimai arenada qabarıq surətdə özünü göstərir. Yazıçı əsərlərində əsasən öz zümrəsinin, yəni qadın həyatının təsvirinə üstünlük verir. Bəlkə elə bu səbəbdən, həmin əsərlər hər bir oxucuya (xüsusən də qadın oxuculara) bu qədər mərhəm, doğma gəlir, insanlarda özünüifadə, özünütapma hissi doğurur. Amma bəzən bu əsərlərdəki təsvirlər bəzə müəyyən etirazlara da səbəb olur ki, bu da yazıçının əsərlərindəki hisslərin ifrat səmimiliklə ifadəsindən yaranır. İnsanın dilinə gətirməyə nəinki cəsarət etmədiyi, əslinə qalsa, boynuna belə almadığı, özü ilə təklikdə, ürəyində belə etiraf etmədiyi duyğuları çoxları toxunulmaz hesab edir, onların bu sayaq açıq-açıq deyilməsini ana, qadın adına layiq bilmir. Ancaq cəsarətimiz çatarsa, deyə bilərik ki, bunlar elə həqiqətdir.
Avstriyalı alimin də diqqətini A.Məsud yaradıcılığında görünür bu xüsusiyyət cəlb etmişdir. Tədqiqatda A.Məsudun yaradıcılığına müxtəlif səpkilərdən yanaşmanın şahidi oluruq. Bu yanaşmalardan biri də - qadının ailədəki mövqeyi, yeri, qadının qızı, oğlu, əri ilə münasibətlərinin izahına həsr olunmuşdur. Burada bir Avropa aliminin Şərq ailəsindəki yaşantılara maraqlı münasibəti də diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, bu müstəvidə tədqiqatçının mövqeyi yazıçının mövqeyi ilə üst-üstə düşür. Tədqiqatla tanış oldduqca, qadının məhrumiyyətlərlə dolu həyatının, bu həyatdan narazılığının, bütün bu narazılıqlara baxmayaraq, özünün qəbul etmək istəmədiyi həyatı övladlarına da aşılamasının, qəlibləşmiş bu həyat tərzini nəsillərə ötürməsinin hər iki müəllif – həm yazıçı, həm də tədqiqatçı tərəfindən qəbul edilmədiyinin şahidi oluruq. Avstiryalı alim burda məhz özü, öz mühiti üçün maraqlı olan məqamları da diqqətə çatdırmağa çalışmışdır. O məqamları ki, onlar ekzotik Şərq mühiti üçün real olsa da, Qərb mühitində heyrətlə qarşılanır, tədqiqatçı tərəfindən Şərq aləmi üçün səciyyəvi olan «ənənəvi mənəvi qanunlar» adlandırılır. Ailə qurarkən qadın üçün, evlənəcəyi şəxsin şəxsi keyfiyyətlərindən əvvəl onun ictimai, ailə mövqeyinin əsas tutulması, bu addımı atarkən, ömrü boyu yaşayacağı həyatı nəzərə almaması, övladlarının da izdivacını həmin şərtlərlə təmin etməsi maraqlı məqamlar qismində nəzərə çarpdırılır, nənə, ana, qız obrazlarının həyatı qadın həyatının dəyişməz, qırılmaz təzahürü kimi təqdim edilir. Qəribəsi isə budur ki, tədqiqatçı bu məqamları qorxulu hadisələri tədqiq edən təki araşdırır, ailənin qurulması məqamlarında şəxslərin qarşılıqlı münasibətlərindən çox, ailə mövqeyinin əsas tutulması anormal hal kimi qarşılanır. Qadın öz həyatından narazıdır, lakin bu narazılıq birbaşa narazılığı doğuran obyektə və yaxud situasiyaya yox, onun övladları ilə münasibətlərində, əsəbi davranışında təzahür edir. Evdə ərinin sərxoşluğundan əziyyət çəkən qadın, oğlunun da eyni problemin daşıyıcısı olmasına (sərxoşluq etməsinə) baxmayaraq, onun ailə qurmasına çalışır, gətirəcəyi gəlinə də, özü yaşadığı həyatın nəsib olacağı onu qərarından döndərmir.
Tədqiqatda, A.Məsudun yıradıcılığına istinad edilərək, bu əsərlərdə cərəyan edən həyat hadisələrin təhlilini verən alimin bu hadisələrə şəxsi münasibətini duymaq çətin deyil. Həyatın anormal məqamlarının ədəbi əsərlərdə təsviri, onlara qarşı mübarizənin bir yolu olduğundan, yazıçının bu istiqamətdə ərsəyə gətirdikləri yüksək hal kimi dəyərləndirilir.
Ümumiyyətlə, tədqiqatda əsasən A.Məsud yaradıcılığına yer ayrılsa da, orada Azərbaycan ədəbiyyatının digər nümayəndələrinin yaradıcılığına, onlara münasibətə də rast gəlinir. Bundan əlavə, araşdırmanın özəl cəhəti ondan ibarətdir ki, tədqiqatçı yazıçının əsərlərini təhlilə cəlb edərkən, bu əməliyyatı ətraf mühitdən təcrid olunmuş şəkildə yox, cəmiyyətlə, siyasi-ictimai vəziyyətlə təmasda tədqiqat obyektinə çevirmişdir. Tədqiqatda Azərbaycanda keçid dövrünün (XX əsrin son illərindən başlayaraq) ictimai-siyasi vəziyyət, ədəbi proses, yazıçılar ittifaqında, ümumiyyətlə Azərbaycanda baş verən hadisələr, siyasi çaxnaşmalar, müstəqillik uğrunda başlayan nümayişlər və sairənin öz əksini tapması bunu bir daha təsdiq edir.
Tədqiqat Azərbaycan ədəbiyyatşünaslığı üçün böyük əhəmiyyət kəsb edir. Alman dilində yazılmış bu elmi əsərlə yaxından tanış olmaqdaq ötrü əsəri tərcümə etdirmək qərarına gəldim. Tərcümə işində mənə yaxından kömək edən alman dili üzrə tərcüməçi Munisə İsmayılovaya minnətdarlığımı bildirmək və həmin tərcümədən bir hissəni oxuculara təqdim etmək istərdim.

S.Dohan
«Avropa şərqşünaslığında qadın yazarları»

3.3.2. Ana
«Üzü işığa» və «Qarğış» əsərlərində ana ziddiyyətlərin mərkəzində durur. O, bir tərəfdən atalıq və cəmiyyət normalarının vasitəçisi vəzifəsini yerinə yetirir. Ana cəmiyyət tərəfindən qoyulmuş qadağa və icazələri övladlarına tətbiq edir, atanın ixtiyarında isə ev – reqlamentdən imtina olunmuş gen-bol fəaliyyət meydanı qalır. Digər tərəfdən, ananın özü - qadın olaraq hərəkət radiusu məhdudlaşdırılmış və bu radiusu heç bir vəchlə yarıb keçmək iqtidarında olmadığı cəmiyyət normalarından əziyyət çəkir. O, bu zillətin təzyiqini yenidən övladlarına qaytarır.

3.3.2.1. Nəsillərin parçalanması
Atanın uşaqlıq dövrləri və valideynləri haqqında kifayət qədər boşluq var. Bunun əksinə, təsvir olunan analar, onların öz analarına aparıb çıxaran hekayətlərə malikdirlər. Bununla müəllif müxtəlif nəsillərin qadınlarının həyat şəraitinin dəyişməzliyi və qırılmaz ənənəviliklə bağlılığı mövzusundan bəhs edən qadın hekayəti təsvir edir. Bu qövs övladlarını İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqında hökm sürən qıtlıq şəraitində təkbaşına böyütməyə məcbur olmuş nənədən başlayır. Eyni zamanda o, (nənə) qadın ləyaqətini təyin edən dəyişilməz ənənəvi mənəvi qanunlara riayət etməli, bunu öz qızlarına da tətbiq etməli idi. «Qarğış»dakı ana və «Üzü işığa»dakı baş qəhrəman – qadın müharibə dövrünü qız uşağı olarkən keçirmişlər, hər ikisi sənətsiz-ixtisassız evdar qadınlardır. Onların qız övladları – müəllifin həmyaşıdları olan növbəti nəslin qadın nümayəndələri müəyyən ixtisaslar qazanmış qadınlardır.
«Qarğış»da ananın ictimai səviyyəyə gətirilməsi müqayisə səciyyəsi daşıyır. Bu qadının valideynlərinin adi günlərinin iş bölümü, eynilə onun öz nikahında olduğu kimidir: ata qaib, evdar qadın - ananın iş günü hüdudsuzdur. Vaxtı ilə ailə qurarkən, o, ərinin şəxsi keyfiyyətlərindən çox, mənşəyinə böyük əhəmiyyət vermişdi. Bununla əsərdə ənənəvi nigah meyarlarının labüdlüyünə işarə vurulmuşdur. «Qarğış»dakı ana da həmçinin gəlinlərinin şəxsiyyətlərindən çox, onların ailə mənşəyi ilə maraqlanır.
«…Anası savadsız bir arvad idi, atası da dəmirçi işləyirdi. Atası səhərlər bir bulud yağlı, ballı xəşil yeyib dəmir döyməyə gedirdi. Bir də hava qaralanda qayıdıb bir bulud xəngəl yeyirdi, başını atıb yatırdı. Anası səhər-axşam ya ət döyürdü, ya xəmir yoğururdu, ya da uzun hörüklərini açıb sulu daraqla darayırdı. Ata-anası o qədər avam, sadə idilər ki, onu ərə verəndə heç oğlanın kim olduğunu, necə adam olduğunu öyrənməyi, hal-xasiyyəti ilə maraqlanmağı ağıllarına belə gətirməmişdilər. Anası ordan-burdan, ağızdan-ağıza oğlanın əsil-nəcabətini, ulu babalarını soruşub öyrənmişdi. Bir də eşitmişdilər ki, oğlan savadlıdır. Qızlarını ərə vermişdilər. Nəticəsi nə olmuşdu?..» (Qarğış, 77)
«Üzü işığa»dakı baş qəhrəman – qadın xatirələrində öz anası və uşaqlığı ilə üzləşir. Onun özü müharibə dövrlərində, yoxsulluğun, qıtlığın və qorxunun insan şüurlarında dərin iz buraxdığı dövrlərdə böyüyüb boya-başa çatmışdır. Həmin dövrlər anası onu və bacı-qardaşını atasız böyütməyə məcbur olmuşdu. Bir tərəfdən, hekayəti nəql edən qadının anası ailədə kişi rolunu öz boynuna çəkmiş və bu ağır vəziyyətin öhdəsindən yaxşı gəlmiş «güclü» qadın kimi göstərilmişdir. Digər tərəfdən, ananın ənənələrə və dinə bağlılığı qeyd olunmuşdur.
«…Orda anası namaz qılırdı, qaz piltəsinin üstündəki qazanda asta-asta, pıqhapıqla xörək qaynayırdı, anası pıçhapıç pıçıldayırdı, Allahla söhbət eləyirdi…» (Üzü işığa, 158)
«Keçid» romanındakı baş qadın qəhrəman Almaz surətinin anası da övladlarını, müharibədə həlak olmuş əsgərin dul qadını kimi təkbaşına böyüdüb. Yenidənqurmanın ilk dövrlərində bu qadın, sən demə həlak olmamış, hətta Almaniyada yeni ailə qurmuş və neçə illərdən sonra kəndə baş çəkməyə gələn əri ilə görüşməkdən imtina edir. Bu mənada bu qadın da həmçinin xasiyyətcə inadkar və qüvvətli qadın kimi təsvir olunmuşdur.
Müharibə mövzusuna, əsərlərdə ərləri ya cəbhədə həlak olmuş, yaxud ölmüş hesab olunan anaların övladlarını min bir məşəqqətlə ərsəyə yetirmiş qadınların xatirələrində toxunulmuşdur. Qəhrəmanların özləri isə gözə dəymirlər.
İkinci Dünya müharibəsi mövzusu 50-ci illərdən bəri sovet ədəbiyyatının əsas mövzularından biri olmuşdur. Daha subyektiv nəqletmə tərzinə dönüş nöqtəsi 60-cı illərdə təşəkkül tapmışdı ki, bu da müharibə illərindəki arxa cəbhənin təsvirində özünü biruzə verir.
Ana – burda şəxsi hekayətin əsas ölçü vahididir. Baş qəhrəman -qadın xəstəliyini də, ölümünü də, öz anasının həyatı, xəstəliyi və ölümü ilə müqayisə edir. O, yatağa düşərkən qulluğa möhtac qalmasını, vaxtı ilə anasının da ölümündən əvvəl xeyli müddət yataq xəstəsi olması ilə tutuşdurur. Anasına göstərdiyi qulluğu, gündəlik ev işlərinə əlavə olan bir iş kimi, övladların öz valideynləri qarşısında «müqəddəs» borcu timsalında yerinə yetirir.
«…Ömrü boyu əziyyətini çəkdiyi, onu dişiylə, dırnağıyla atasız böyütdüyü övladının, yəni onun, müqəddəs övlad borcunu yerinə yetirməyinin vaxtı gəlib çatmışdı..». (Üzü işığa, 186)
Ana üçün də qızı burda həmin əbədi qadın hekayətinin təzahürüdür. Belə ki, «Üzü işığa»dakı qadın çarpayısının yanında əyləşən qızında öz nənəsini və gənclik illərindəki özünü tanıyır («Üzü işığa», 213). Ata cəmiyyət qanunlarını təmsil edir, ananınsa bu ümumi tarixçədə xüsusi yeri var. Beləliklə, qadın hekayəti, özü artıq ana olmuş qız övladının timsalında əbədi mövzunun davamı kimi yaşanır.

3.3.2.2. Ana-qız münasibəti
Yazıçı qadın - ananın oğluna və qızına bəslədiyi fərqli münasibətlərin ortaq cəmiyyət tərəfindən əzəldən formalaşdırıldığını bildirir. Analar və böyüyüb həddi-büluğa çatmış qızlar arasında mövcud olan əlaqələr qarşılıqlı etibar, dərd-sər bölüşdürülməsi və problemlərin götür-qoy edilməsi müstəvisindi təsvir edilir.
«…Yaxşı deyiblər ki, iki qızın varsa, demək iki oğlun var, iki oğlun varsa, demək övladın yoxdu…» (Üzü işığa, 214)
«…Ürəyi zəif-zəif çırpınırdı. Fikirləşirdi ki, ana üçün qızın yerini heç kəs verməz. Qız uşağı təəssübkeş olur.» (Üzü işığa, 202)
Yaşa dolub ahıllaşmış anaya baxmaq qayğısı burda ana-qız münasibətlərini astar üzünə çevrir. «Üzü işığa» əsərində qadın qocalıb əldən düşmüş anasına baxarkən, onun gənclik qürurunu və güc-təpərini xatırlayır.
«…Anasını soyundurub, isti suyla dolu vannada baş-gözünü sabunlayanda yadına, olmazın şeylər gəlib düşürdü. Anasının geyimli-gecimli, bərbəzəkli vaxtları, qürurlu yerişi, məğrur baxışı, ona zoğal çubuğuyla vurduğu göynərtili qamçılar… Ondı isti suyun içində çılpaq bədəniylə, sabunlu başıyla, zəif əlləriylə oturan anası lap köməksiz görünürdü ona.» (Üzü işığa, 187)
«Qarğış» romanında isə ananın anası (nənə) bütün mübahisəli məsələlərin passiv müşahidəçisi kimi iştirak edir. Qulağı ağır eşitdiyindən söhbətlərə qarışa bilmir, lakin gah toxuya-toxuya, gah da mürgü vura-vura bütün mükalimələrin iştirakçısına çevrilir. O, həm ananın anasıdır, həm də heç kəsi qane etməyən qəliz münasibətlərin iştirakçısıdır, digər tərəfdən, müzakirələrdən kənarda qalmaqla köməksiz uşağa bənzəyir.
«…Nənə hərdən bir şeyi bəhanə edib gözlərini sıxırdı, dodaqaltı nə isə deyə-deyə sakitcə ağlayırdı. Evdə heç kim onun ağlamağına əhəmiyyət vermirdi. Çünki hamı bilirdi ki, nənə ancaq özü üçün – keçmiş günləri üçün, cavanlığı üçün ağlayır...» (Qarğış, 54)
«İzdiham» romanındakı yuxu ardıcıllığında qız-ana münasibətləri başdan ayağa tərsinə təsvir edilir. Qızı anasına döş verir və artıq aydın deyil, kim anadır, kim övlad. Burda araya ölüm də qarışır…
«…Gəlib anasını qucağına aldı, əmziyi ağzına basıb yellədi. Anası sakitləşmədi, əmziyi tüpürüb yenə nəfəsi itə-itə vığıldadı.
Tələm-tələsik köynəyinin düymələrini açdı, döşünü, anasının ağlamaqdan soyuyan ağzına saldı. Anası döşünü acgöz-acgöz əmdikcə, gözü qaraldı, başı hərləndi…
Sonra baxıb gördü anasının ağzının yanıyla qan sızır…» (İzdiham, 47)
Bu əsərlərdə anaları və qızları qadın cinsinə mənsubiyyət, yəni yeni həyat vermək qabiliyyəti bağlayır. «Üzü işığa»da qız ikicanlıdır, anasının ölümü zamanı, daha doğrusu, həmin andan sonra azad olur. Ana öz xəstəliyi ərzində ehtimal ki, qızından, əriylə intim münasibətlərinə görə inciyirsə də, oğullarının seksuallığı barədə bircə an belə düşünmür. Qız -övladın hamiləliyi və xəstəliyin rəmzi mənada doqquz ay sürməsi ilə müəllif qadın hekayətini - qadının ölüm, doğum və ölüm tədavülünün tərkib hissələrinə parçalayır. Ölümün gedişatı hamiləlik qədər zaman kəsiyi tələb edir. Roman o sonluqla bitir ki, qız anaya yüksək dozalı inyeksiya vurmalı olur və bu zaman ananın xəstəlikdən, yoxsa dozanın artıqlığından ölməsi naməlum qalır. Beləliklə də qız eyni zamanda həyatı həm bəxş edən, həm də alan qadındır. Bu təyinat onunla gücləndirilir ki, əslində hekayətçi – qadın, ağrıları son həddə çatan anda böyük oğlundan, ona belə bir iynə vurmağı xahiş etmişdi. Beləliklə doğumun, uşaq tərbiyəsinin və ölümün bütün sahələri burda qadınlara şamil edilir.
Kişi obrazının ölümü də müvafiq olaraq, ana ilə sıx əlaqədə qurulur. «Cəza» romanında müəllif yuxular və təxəyyül mənzərələri ilə ananın öz oğlunun başını tovlayıb özü ilə ölümə aparmağa cəhd göstərdiyinin təsvirini verir.
Digər bir yuxu ardıcıllığında, («İzdiham») böyüyüb ərsəyə çataraq özü də ana olmuş qızın anası bir xeyli körpə uşağı çuvala doldurub yandırır. Bu səhnə də həmçinin qadınların reproduksiya və ölüm üzərində müstəsna hakimiyyətə malik olduqlarını anladır.
«… - Min kərə dedim, iki uşaq bəsindi. Dedim-demədim? – anası dedi.
- Dedin… - deyib başını aşağı saldı.
Anası deyinə-deyinə uşaqları iri, tozlu çuvala yığırdı: - Bəs niyə sözümə qulaq asmadın?» (İzdiham, 10)
Ana və qızı arasında baş verən bu dialoq analar və qız – övladlar arasında olan tərbiyə münasibətlərini, həmçinin nənənin bu tərbiyə işinə qarışmasını yenidən nəzərdən keçirir. Ailə siyasətinin labüdlüyü, burada anaların öz qızlarına ötürdükləri «qadın həyatı» təcrübəsinin ardıcıllığı kimi təsvir olunur. Doğum qabiliyyəti barədə qızlar və analar arasında olan münasibətləri bu sayaq bədii detallarla təyin etməklə müəllif, cəmiyyət tərəfindən qadınlara şamil edilənləri əks etdirir.

3.3.2.3. Ana - vasitəçi kimi.
Anaların övladlarına iddiaları cəmiyyətin iddiaları ilə üst-üstə düşür. Uşaqların uğurları və müvəffəqiyyətsizlikləri ümumilikdə ailənin və beləliklə ailə üvlərinin hər birinin ad-sanına təsir göstərir.
Ailənin yaranması normal həyat yolunun qaçılmaz və zəruri hissəsi kimi göstərilir, zəncirvari dəyişilməzliklə nəsillər boyu davam edir və burada iştirakçılar tərəfindən toplanan təcrübəyə yeni-yeni iztirablar, yaxud ən azı narazılıqlar əlavə edilir. Öz şəxsi təcrübələrinə rəğmən övladların evləndirilməsi, ərə verilməsi istənilən valideyn üçün müvəqqəti məqsəddir. Adətən bu vəzifə qadınların öhdəsinə düşür. Qohum-əqrəbadan, rəfiqələrdən, qonşulardan ərgən yaşlı qızlar haqqında məlumat toplayan və oğlanlarının nikahı üçün tərəfdaş seçib müəyyənləşdirənlər qadınlar olur. Sonradan öz seçimlərinin peşmançılığını çəkənlər də, elə onlardır.
«Qarğış»da ana, əyyaş ortancıl oğlunu, izdivacın onun içki problemini həll edəcək ümidi ilə zorən evləndirir. Eyni zamanda o, öz ərinin əyyaşlığından çəkdiyi iztirabları və bu zülmün davamını hələ də yaşamağındadır.
«…Xatırladı ki, onu evlənməyə anası məcbur elədi. «Məcbur elədi» deyəndə ki, evlənməyi beyninə saldı ki, bəlkə bu yolla əl-ayağını yığışdıra.» (Qarğış, 29)
Ayrılmaq məsələsi ortaya çıxdıqda isə, ana nikahla bir-birinə bağladığı oğlu və gəlini arasında qalır, vasitəçi kimi əl-ayağa düşür. «Qarğış»dakı ananın anası da (nənə) vaxtı ilə qızını öz bədbəxt nikahını pozmamağa razı salır ki, sosial mühitin dedi-qodusu və istehzaları ilə toqquşmasın.
«…Bir dəfə ərinin hoqqalarından cana yığılıb atasının evinə qayıtmışdı. Onda anası ağlaya-ağlaya qızının əl-ayağına düşüb yalvarmışdı ki, evinə qayıtsın. Çünki özündən böyük bacısı da ərindən ayrılmışdı. İndi o da ayrılsaydı, bütün tanış-biliş, qohum-əqrəba onları lağa qoyub güləcəkdilər.» (Qarğış, 67)

3.3.2.4. Ana-oğul/oğullar münasibəti
Oğullar isə qızlardan fərqli olaraq, ictimai məkanda özgə identifikasiya müstəvisində göstərilir. Onların peşəkarlığı və cəmiyyətdə nailiyyətləri anaların ictimai mövqeyinə təsir göstərir.
«…Qoy oğlu geyinsin, yaxşı dolansın, maşın sürsün. Yenə onun adınadı. Dost var, düşmən var. Deyəndə deyirlər: «filankəsin oğludu!», demirlər «filankəsin kürəkənidi!» (Qarğış, 13)
«Üzü işığa»da da həmçinin oğulların müvəffəqiyyəti ananın – uğurudur. Ana - evdar qadın kimi, oğul - övladlarının və həyat yoldaşının işdə qazandıqları nailiyyətlərlə yaşayır. Daha heç vaxt yaşana bilməyəcək, lakin xatırlanan vaqeələr – oğlunun dissertasiya müdafiəsi, rəhmətə getmiş ərinin sənət yubileyi barədə xatirələr bu yaşantılar sırasındadır. Gələcək barədə düşüncələr, hər şeydən əvvəl keçmişə yönəldilmiş inikası yarır və nəyinsə nəzərdən qaçılmasına gətirib çıxarır.

Комментариев нет:

Отправить комментарий