Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

21 Июль 2007 г.

DOVŞANIN ÖLÜMÜ



…Dovşanın biri can verirdi. Gözlərinin ifadəsi itmiş, qara bəbəkləri bulanıb bozarmışdı, rəngsiz ağzını torpağa dirəyib ağır-ağır nəfəs alırdı.
O biri dovşanın, kolun dalından bircə qulaqları görünürdü. Qulaqlarının titrəyişindən başa düşmək olurdı ki, yenə şüursuz gözlərini bir nöqtəyə zilləyib nəfəs dərmədən nə isə "üyüdür".
…Əyilib dovşanın heysiz başını su qabına yaxınlaşdırdı ki, bəlkə heyvan su içə. Dovşan sudan acgözlüklə içib sonra birdən çeçədi, nəfəsi itdi, gözləri, şüşə düymələr kimi hərəkətsiz qaldı…
- İndi neyləyək?.. - əri əzabdan bürüşmüş üzüylə ona baxdı. Elə baxdı, elə bil dovşanı o öldürmüşdü.
...İsa kişi siqaretin kötüyünü quma salıb ayağıyla basdı:
-...Dovşanın erkəyiylə dişisini bir yerdə saxlamazlar. Biri ölür həmişə.
- Hansı ölür?..
- Çox vaxt erkəyi.
- Niyə erkəyi?..
Əri onun bu yersiz sualına üzünü bozartdı. İsa kişi də sualı eşitmirmiş kimi əllərini, gündən ağarıb süzülən şalvarının ciblərinə basdı, başını aşağı salıb darvazaya sarı getdi, orda bir an dayanıb:
-...Salamatı göyərçindi… - dedi və çıxdı.
İsa gedəndən sonra əri deyəsən, dovşanın dəqiq ölüb-ölmədiyini yoxlamaq üçün iki barmağıyla heyvanın balaca, ağ pəncəsini qaldırıb saldı, dikəlib əllərini belinə vurdu, səsi xırıldaya-xırıldaya:
- Öləcək... - dedi.
Dovşan hələ də nəfəsi təngiyə-təngiyə can verirdi, bəbəkləri irilib az qala hədəqəsindən çıxırdı, balaca, isti bədəni zəif titrəyişlə əsim-əsim əsirdi.
...Dovşan hava qaralanacan can verdi və öldü.
Əri bağın aşağı küncündə yer qazıb dovşanı orda basdırdı.
…Bütün gecəni yuxuda da dovşanın can verməyini gördü. Can verən dovşan ölən dovşandan iri və ağ idi, can verdiyi yerdə birdən-birə dirildi, iki ayağı üstə qalxıb pəncələrini onun çiyinlərinə qoydu, ağzını iri açıb boğazının yolu görünə-görünə əsnədi. Elə əsnədi, az qaldı tozsoran kimi onu, mağaraya oxşar yekə ağzının içinə sala...
...Səhər yeməyi vaxtı o biri dovşan gəlib aynabəndlə üzbəüz oturmuşdu, balaca ağzında yenə nə isə çeynəyə-çeynəyə qorxaq gözləriylə onlara elə baxırdı, elə bil söhbətlərinə qulaq asırdı.
- Görən ölən dişisiydi, erkəyi?..
Əri gözünü qıyıb dovşana baxdı:
- Fərqi nədi ki?
- Bu, oğlana oxşayır.
Əri üzünü elə yığdı, elə bil üzünə gün düşdü:
- Harası oxşayır?..
- Bığları...
- Bığın bura nə dəxli var, guya qız dovşanın bığı yoxdu?!.
Yağı səliqəylə nazik dilimin üstünə yaxa-yaxa:
- Bəlkə, birini də alasan?!. - dedi.
- Hansından alım?..
- Elə bundan.
- Deyirəm, nə bilək bu hansındandı, erkəyidi, ya dişisi...
...Səhər yeməyi stolun üstündə qaldı. Ər-arvad meynələrin arasıyla ha qaçdılar, dovşanı tuta bilmədilər.
- Qəribədi... - əri bir qədər sonra maşını Mərdəkanın dar küçələrindən sürətlə döndərə-döndərə deyirdi - çox qəribədi...
- Nə qəribədi?..
- Dovşanın ölməyi... Birinci dəfədi eşidirəm ki, erkəklə dişini bir yerdə saxlamazlar.
Əri bunu deyib çuxura düşmüş gözlərini harasa lap yaxına zillədi.
Ərinin üz-gözü dünəndən bu günə xeyli dəyişmişdi. Gözlərinin altı qaralmış, bənizi solmuşdu.
...Axşam uşaqlar bağa çatar-çatmaz ağlaşma qurdular. Uzun müddət dovşanın basdırıldığı yeri öyrənmək üçün atalarının zəhləsini tökdülər. Sonra gedib həmin yerdə xırda daşlardan, çınqıllardan, bir də meynə yarpaqlarından balaca qəbir düzəltdilər.
...Şam yeməyi kədərli keçdi. Uşaqlar solğun bənizləriylə bir-birinə baxa-baxa uzun çəngəllərlə vermişelin içində həvəssiz-həvəssiz qurdalanıb xörəklərini soyutdular…
Əri xörəyi iri tikələrlə, tez-tez, az qala, diri-diri udduqca qarabuğdayı sifəti bir az da elə bil qaralırdı, qaşlarının düyünü göyə çalırdı. Əri yenə gözləri yol çəkə-çəkə harasa lap yaxına baxırdı. Elə bil yenə dovşan lap gözünün qabağında, burnunun ucunda can verirdi.
- Sənə dedim axı, o çiyələklərdən gözüm su içmir...
- Hansı çiyələklərdən?.. - əri diksinib ayıldı.
- O gün dovşanlara yedirtdiyindən.
- O çiyələkdən özüm də yemişəm.
- Sənin bədəninlə dovşanınkı birdi?..
- Zəhərin bədənin böyük-kiçikliyinə dəxli yoxdu.
- Var.
- Yoxdu! - əri birdən-birə səsini ucaltdı, əlini stola çırpıb üstündəkiləri dingildətdi - İsa adam dilində dedi sənə: erkəklə dişini bir yerdə saxlamazlar. Biri ölür həmişə.
- Hansı ölür?..
Əri onun sualına cavab vermədi, nimçəsini əsəbi hərəkətlə qabağından itələyib ayağa qalxdı.
- İşə düşmədik?!. Mən düşüb ölsəm, heç vecinə gəlməz... - deyib dovşanı söyə-söyə iti addımlarla bağın dərinliyinə getdi, ağaclığın sıx yerinə girib yox oldu, gecədən xeyli keçənə qədər ordan çıxmadı.
...O biri dovşan bütün axşamı gah o kolun, gah bu kolun arxasından onlara baxırdı, hərdənbir çəhrayı qulaqlarını tərpədirdi.
...Gecənin bir yarısı kiçik qızının səsinə ayıldılar. Uşaq yuxudan ayılıb yerinin içində oturmuşdu, gözlərini ova-ova ağlayırdı.
- Nə istəyirsən?..
Qız cavab vermədi, ağlamağını da kəsmədi.
- Su istəyirsən?..
Qız ağlaya-ağlaya başını yelləyib "yox" dedi.
- Bəlkə çişin var?..
Qız yenə başını yellədi.
- Bəlkə istidi sənə?..
- Yo-ox...
- Bəs niyə ağlayırsan?..
Qız uzun müddət bütün suallara ağlaya-ağlaya başını yellədi.
Əri yuxusuzluqdan qızaran gözlərini döyüb əsəbi-əsəbi:
- Nə istəyirsən axı?.. - deyə çığırdı.
Uşaq diksinib ağlamağını kəsdi, yazıq səslə:
- Qaşınıram... - dedi.
...Səhər istirahət günüydü deyə, hava da elə bil kədərliydi. Dovşan öləndən bəri elə bil bağın yaşıllığı solmuşdu, yarpaqlar bürüşüb bozarmışdı. Bomboz otluğun içindən boylanan tənha dovşanın üzündən yetimlik yağırdı.
Həftə ərzində yığılan bir taya çirk paltar, göz dağı kimi həyətin bir küncünə qalanıb onu gözləyirdi. Çirkdən paltarların ağız-burnu əyilib bozarıb elə günə düşmüşdü ki, bunları bir-iki gün əvvəl bədəninə geyindiyini fikirləşəndə, az qalırdı başına hava gələ...
...Əri bağın aşağı başında, damağında siqaret əsəbi hərəkətlərlə deyəsən ağacın dibini açırdı. Arada bir beli bıçaq kimi torpağa sancıb dünyadan bezmiş üzüyə göyə baxırdı.
Bir qədər sonra siqareti yerə tullayıb quma oturdu, köynəyini çıxarıb başına sarıdı:
- Günortaya bəlkə küftə bişirəsən?.. - dedi.
- O köynəyi başına sarımaqdansa, keç kölgədə otur.
- Mənim bura xoşuma gəlir.
- Başını gün vuracaq.
Kösynəyi başındaydı deyə, ərinin üzü görünmürdü:
- Əladı də...
- Nə əladı?..
- Hər şey.
Bir mğddət sakitlik çökdü deyə, İsanın radiosunun səsi eşidilməyə başladı. Muğamat verirdilər.
- Dünyada üç şeydən zəhləm gedir... - dedi - ...istidən, muğamatdan, bir də küftədən...
Əri yenə başındakı köynəyin altından:
- Əladı də... - dedi.
…Gəlib əriylə üzbəüz oturdu. Ərinin üzü burdan da görünmürdü. Odu ki, köynəyin ucunu qaldırıb:
- ...Heç olmasa, bir kirpi tap...-dedi.
- Kirpini neyniyirsən?..
- Dovşan darıxmasın.
Əri ayağa qalxıb üstünü çırpdı:
- Daha nə tapım?!. Göbək atan rəqqasə lazım deyil?..
Fikri ayrı yerdəydi deyə, ərinin axırıncı sözlərini tuta bilmədi.
- Rəqqasəni neyniyirik?
- Dovşan üçün göbək atsın...
...Bozbaş zəqqutun kimi duzlu idi. Əri qaşığı ağzına aparıb mədəniyyət xatirinə zorla gülümsündü:
- Duzludu...
Uşaqlar bozbaşa yaxın durmadı, mətbəxin yerinə, göyünə yağ sıçrada-sıçrada bir tava qayğanaq bişirdilər, sonra dava salıb tavanı üzü üstə aşırdılar.
Ərinin səsi yataq otağından gəldi.
- Axşama nə yeyəcəyik?..
...Axşam adətləri üzrə şam yeməyinə bağlarının yanındakı yeməkxanaya getdilər.
...Stolun üstü onların gəlişi üçün xüsusi təmtəraqla bəzədilmişdi.
Həmişəki kimi əriylə ğzbəğz oturdu.
- Kürü yeyirsən?..
- Yox.
- Lobya necə?..
Çiyinlərini çəkdi.
Əri, ona uzatdığı lobya nimçəsini hövsələsiz hərəkətlə yerinə, bir-birinə dirənən qəlyanaltıların arasına itələdi.
Böyük qızın əli yenə limonadla dolu badəyə dəydi və yaşıl limonadı dağıdıb ağappaq süfrəni göyərtdi.
Əri qıza necə tərs-tərs baxdısa, uşağın dodağı büzüldü, ağlamasın deyə, üzünü yumaq bəhanəsiylə çölə çıxdı.
- Niyə elə baxdın ona?.. Qəsdən eləmədi ki...
Əri onu eşitmirmiş kimi başını aşağı salıb sakitcə, ac sifətilə salat yeməklə məşğul idi.
Bir müddət dördü də dinməz-söyləməz yedilər...
- Niyə yemirsən? - deyə əri birdən-birə çəngəlini saxlayıb gözlərini qıya-qıya, boğazına dirənən iri tikəni zorla udub pərt gözlə onun boş nimçəsinə baxdı.
- Yeyirəm.
- Nə yeyirsən?..
- Balıq…
- Balığa necə, yazığın gəlmir?..
Ərinin çökəyə düşən gözlərinə, bir günün içində nazilib uzanan üzünə baxdı:
- Məndən nə istəyirsən?.. - dedi və hiss elədi səsi titrəyir.
Əri əsəbi hərəkətlə çiyinlərini çəkib:
- Mən?!. Heç nə...- dedi - Sən nə isə istəyirsən... Qınayan olmasa, dovşana qırx gün-qırx gecə yas tutub ağlayarsan…
Əri danışdıqca hiss elədi ki, gözünün yaşı boynuna, ordan sinəsinə süzülür…
O, ağladıqca, ərinin qəhvəyi bəbəkləri genişlənib qaraldı, az qala gözünün ağını örtdü.
- Bəlkə deyəcəksən, dovşan üçün ağlayırsan?..- əri dedi.
Başını yelləyib "yox" dedi.
- Onda de görüm, niyə ağlayırsan. Bəlkə kirpi tapaq, darıxmayasan?..
Üzünü ha yığdısa da, gözünün yaşını saxlaya bilmədi.
- Niyə dinmirsən, danış da. Dərdini de. De ki, yaşaya bilmirsən, darıxırsan, çürüyürsən, ölürsən... Hər şeydən ürəyin bulanır. Məni görəndə gözün ağrıyır, uşaqlar əl-ayağına dolaşır, sənə mane olur...
Əri həkim kimi sakit və sərbəst danışırdı. Elə bil bu sözləri demək üçün nə vaxtsa saatlarla məşq eləmişdi.
- Əl çək məndən, danışmağa həvəsim yoxdu.
- Əlbəttə olmaz... Axı biz kimik ki, Sizin dediyiniz söze eşitmək şərəfinə nail olaq?
- Yuxum gəlir...
Bunu kiçik qızı dedi və bic gözləriylə gah ona, gah da atasına baxdı.
...Gecədən xeyli keçənə qədər şüşəbənddə oturub qaranlıq ağaclığa, ulduzsuz göyə baxdı, yağışın səsinə qulaq asdı.
Yuxusu gəlmirdi. Yağışın səsi elə kədərliydi ki, yadına hardansa tanış, qəmli bir mahnı düşdü. Mahnını dodaqaltı mızıldadı və hiss elədi ki, yavaşca ürəyinin başı söküldü... Başını qoluna qoyub ağladı. Ağlaya-ağlaya bir müddət, nəyə görə ağladığını fikirləşdisə də, başa düşə bilmədi.
İçəridən ərinin günahkar səsi eşidildi:
-...Gəl yat… soyuq olar. Yağış yağır…
Çox çəkmədi ki, əri şüşəbəndə çıxdı, gəlib onunla yanaşı oturdu, başını onun çiyninə qoydu. Deyəsən yenə yazığı gəlirdi ona:
- Niyə yatmırsan?..
-...
- Soyuq deyil sənə?..
- Yox.
- Bəlkə qəhvə dəmləyim, içək?..
- Yox…
- İşığı yandırım?..
- Yox…
- Bəs nə istəyirsən?...- əri elə çığırdı ki, səsi iki yerə bölündü.
- Kirpi istəyirəm... - dedi və ağlamağı görünməsin deyə üzünü pəncərəyə çevirdi...