«Yeni Yüzil» qəzeti
cümə axşamı 31 yanvar 2002-ci il
«Bilməzdim ki, ölümümü gözləyənlər də var…»
Afaq Məsud həmişə danışmaq ovqatında olmur
Siyasəti yaxına qoymayan yazıçı və ədəbiyyatın qorxunc qanunlarından qorxmayan qadın. Onun düşüncəsini asanlıqla qavramaq, hisslərini rahat udmaq olmur. Birinə tərs, birinə ərköyün, bir başqasına isə hökmlü görünən Afaq Məsud bizim ilk qadın «Avtor-i-tet»imiz oldu. Daim yaradıcı ovqatda olan bu çağdaş yazıçımızı oxucuların köməyi ilə cəmi bir neçə anlığa özündən ayırdıq... Buyurun, Sabir Rüstəmxanlının sualıyla başlanan bu ədəbi və əbədi mükaliməni sizin ixtiyarınıza veririk:
Öncə öymək istəyirəm. Afaqın sonuncu kitabını, xüsusən romanını çox bəyəndim. Qadın ürəyilə kişi sərtliyinin çiçəklə daşın, istəklə reallığın, xoşbəxtlik görüntüsü ilə faciənin vəhdətinin bir-birinə bağlı olmasını və bir-birindən doğmasını Afaq parlaq və təsirli yazır. Ona baxanda bir daha görürəm ki, gəncliklə vidalaşmaq gözəlliklə vidalaşmaq deyil. Bu duyğuları özü də keçirmi?
Sabir Rüstəmxanlı
Yaraşığım və yaradıcılığım barədə dediyi xoş sözlərə görə Sabir bəyə minnətdarlığımı bildirirəm. Gənclik və gözəllik problemləri qəribə də olsa, məni bir o qədərə də maraqlandırmayıb. Ən gənc çağlarımda belə, daxilən özümü gənc hiss etdiyim də niyəsə yadıma gəlmir. Onu da deyə bilmərəm ki, özümü həmişə Kafka kimi qoca hiss etmişəm, amma elə bir gənclik çılğınlığı keçirdiyimi də xatırlamıram. Odur ki, bu gün də həmin o minvalla, dediyiniz o gəncliklə vidalaşmağımı duymuram.
İnsanın mənəvi tərbiyəsində, sarsıntısında ədəbiyyat neyləyə bilər?
Flora Səmədli, müəllimə
Ədəbiyyatın, insanların sarsıntı və ağrılarına əsaslı təsir göstərmək gücü var. Daha doğrusu, əslində bu, onun birbaşa missiyasıdır. İnsanlar doğulan andan ölənəcən yaşadıqları mühitdə də, öz daxillərində də irili-xırdalı qəzalara tuş gəlirlər. Ən təhlükəli qəzalar isə, onların öz evlərində - rahat kreslolarında oturduqları, yumşaq çarpayılarında şellənə-şellənə xəyala daldıqları yerdə baş verir. Bəzən insan, uzun müddət sevdiyini zənn etdiyi nəyəsə qəfildən səbəbsiz bir ikrah duyduğunu, yaxud, əksinə, ömrü boyu laqeyd addımlarla böyründən ötüb keçdiyi, mənasız və lazımsız saydığı nəyinsə, sən demə, bu vaxtacan şüursuz bir korluqla axtardığı sehrli Həyat İksiri olduğunu anlayır. Ədəbiyyat bu mənada, insanları özləriylə tanış edir, onlara, öz içərilərində dolaşıb qaldıqları labirintlərdən çıxmaq üçün, keçilməz də olsa, müəyyən yolları göstərir. Qalanı, oxucunun ixtiyarındadır. Ciddi ədəbi əsəri oxuyub anlamaq hər oxucunun işi deyil. Bunun üçün oxucu öz üzərində işləməli, intellektini artırmalıdı ki, bu əsərlərdən bir fayda götürə bilsin. Müsahibə vaxtı çox vaxt mənə verilən suallardan, jurnalistin nəinki bədii təfəkkürü qavramaq, sənin dediyini anlamaq iqtidarında olmadığının da şahidi olursan. Bu, kədərlidi.
İstedadlı və yaraşıqlı yazıçı xanımın ailəsi barədə fikirlərini bilmək maraqlı olardı. Həyat yoldaşınıza tabe olmağa, istedadınız mane olmur ki?
Xəyalə
Həyat yoldaşımla – ədəbiyyatı, bədii sözü duyan, insan xislətinə yaxından bələd olan, dünyagörmüş bir insan kimi çox hesablaşıram. Yaradıcılığımla, ictimai həyatımla bağlı hələ bu günəcən onun tərəfindən heç bir müqavimət, yaxud təzyiq hiss etməmişəm. Təbiət etibarilə ədalətli və incə təbiətli olduğundan, onun məsləhətlərinə, yazılarıma müdaxiləsinə həmişə ehtiyac duymuşam.
Ədəbiyyatımızın Devid Koperfildi dediyiniz Əkrəm Əylisli yazını bitirəndə ürəyində heç bir fərəh hissi keçirmədiyini deyir. Bəs siz?
Leyla Əhmədova
Yazıçı üçün hər bir əsərin sona yetməsi – onun sıravi, yeknəsəq günlərinə bənzəməyən, əlamətdar və təsirli bir günün başa çatması qədər kədər doğurur. Yazıçı üçün yazı prosesi – əsasən suda, fasilələrlə quruda yaşamağa öyrəşmiş amfibiya-adamın su həyatına bənzəyir. Kənardan nə qədər anormal görünsə də, biz özümüzü yalnız orada yaxşı hiss edirik. Lakin bütün ömrünü, yuxusuz gecələrini istedadsız romanlara, indi hardasa, nəmişlik və kəsafət dolu zirzəmilərdə, toz-torpağın altında çürüməkdə olan cild-cild kitablara həsr edən, aramızda ölü ruhlar təki, çaşqın üzlərlə dolaşan konyukturaçılar da, dediyim bu prosesindən keçirlər, onlar da hansısa naməlum eyforiyanın təsiri altında, əlləri əsə-əsə son cümlələrinin nöqtələrini qoyurlar və bəzən onları xatırlayanda, içimdən anlaşılmaz bir qorxunun, vahiməli bir məsuliyyət hissinin keçib getdiyini duyur, ədəbi zamansızlığın kəsə nəzərlərini canımda hiss edirəm. Ədəbiyyatın bu sayaq cod, qorxunc qanunları da var.
Afaq, qızım, sənin baban sərt təbiətli, çox ciddi bir adam idi. bəs nəvələrinə münasibətdə necə, yumşaqlıq göstərirdimi?
Mustafa Verdiyev
Düzünü desəm, babamla elə bir yaxın ünsiyyətimz olmayıb. Beş övladın atası olan Əli Vəliyev, həm də on yeddi nəvənin babası idi. Mən o on yeddi nəvədən biri idim və babamı çox nadir hallarda, əsasən bayram günləri, ata-anamla onlara bayramlaşmağa gedəndə görürdüm. Babamgil onda, indiki Prezident Aparatının yerində yerləşən Çkalov 15-də – hündür taxta pilləkənli, qədim binada yaşayırdılar. O, daim giriş qapısıyla üzbəüzdəki hündür söykənəcəkli kresloda, başının üstündən asılan ağır divar saatının əzəmətli zəngləri altında, əlində qəzet, ya kitab, gözündə eynək, məşğul üzlə oturur, bizi görəndə belə bu işgüzar əhvalı dəyişmir, oxuduğu qəzeti, ya kitabı qatlayıb kənara qoyub, eynəyini çıxarıb, bizə çay süfrəsi açmaq üçün tələsik addımlarla birbaşa mətbəxə yönələrdi.
Yadımdadı, belə günlərin birində biz içəri girməyə macal tapmamış, babam yerindən sıçrayıb özünü hövlənak mətbəxə saldı, orada, görünür, kiminsə yenicə gətirdiyi «Nağıl» tortu ilə geriyə qayıdıb tortu stolun üstünə qoydu və keçib yerinə əyləşdi. Yadımdadı, əynimizdəki paltoları soyuna-soyuna, onun səbrini zorla topladığını, bizim soyunub nəhayət ki, süfrə başına keçməyimizi gözlədiyini hiss edir və dinmrdik. Babamın bu sayaq qəribəliklərinə – yaşına və yaratdığı əsərlərin sanballı həcminə uyuşmayan uşaq xasiyyətinə bələd olduğumuzdan, sakitcə süfrə arxasına keçib oturduq. Hamı yerbəyer olan kimi babam gözüylə torta işarə edərək:
– Yeyin... – dedi. – təzədi. Uzatmayın, ev istidi, xarab olacaq.
Biz yenicə nahar etdiyimizi, çay da içdiyimizi deməyə başlamışdıq ki, sözümüz ağızımızda qaldı. Babam yenidən ayağa sıçrayıb stolun üstündəki tortun qapağını örtdü, bayaqkı becid addımlarla mətbəxə keçib orda tortu soyuducuya basdı. O, geriyə qayıdanda əhvalının düzəldiyi üzündən oxunurdu. Kreslosuna əyləşib dərindən nəfəs dərdi, əllərini qoltuğuna vurub bu dəfə asudə nəfəs alaraq:
– Hə indi danışın görək, nə var, nə yox. – deyib üzümüzə baxdı.
Kənardan baxana çox hökmlü qadın kimi görünürsünüz. «Qadın» və «hökm» sözləri, necə bilirsiniz, bir-birinə uyğun gəlirmi? Bəs «yazıçı və hökm necə?»
Zinət
Nə «qadın», nə də «yazıçı» sözləri «hökm» sözü ilə uyuşmur. Ən azı ona görə ki, qadının da, yazıçının da hökm verməyə, elə bilirəm, ehtiyacı olmamalıdı. Qadının gücü – onun zəfliyində, yazıçının gücü isə – sözünün insan qəlblərinə nə dərəcədə sirayət etmək qabiliyyətindədi. Burda məsələlər hökmsüz həll olunmalıdı. O ki, qaldı mənim hökmlü görünməyimə, elə bilirəm bu, kənardan belə görünür. Əslində mən hökm verməkdən çox-çox uzaqlardayam. Olsun ki, məni hövsələsizliyim, səbirsizliyim, təbiətimdəki bir qədər sərtlik hökmlü göstərir.
Hissləriniz, cümlələriniz çox fərdidir. Hətta darıxmağınız, təkliyiniz də... Sizi bir insan kimi yazmaq xilas edir, məncə. Bəs bu iddia nədir? Yazmaq üçün doğulan adamın hər şeydən öncə elə iddiası ölməlidir, deyilmi?
Səadət
Mənə ünvanlanan suallarda, özümün az qala min variantını gördüm. İnsanların bir qismi məni həddən ziyadə səmimi və ürkək, o biriləri robot kimi cansız və qapalı, digərləri güclü və hökmlü görür. Siz də məni iddialı görürsünüz. Lakin bu, sizin mənim barəmdə gəldiyiniz öz şəxsi nəticənizdir. Daim hisslərinin çılpaqlığına, ifrat səmimiliyə görə «döyülən», heç bir təzyiqə və müqavimətlərə məhəl qoymadan, heç nədən çəkinmədən və ehtiyat eləmədən, oxucularını ən sirli, ən qadağa nöqtələrinə buraxan yazıçının nə iddiası ola bilər, sizcə?
Deyirlər, atanız musiqini çox sevib. Nəinki milli musiqini, hətta klassik Avropa bəstəkarlarının əsərlərindən də ayrı-ayrı parçaları zümzümə etməyi xoşlayırmış. Bəs siz necə? Ümumiyyətlə, sizin həyatınızda musiqi nədir?
Könül Zamanlı
Mənim atam tamam ayrı bir dünya idi. O, «Koroğlu» operasının uvertürasından tutmuş, ayrı-ayrı ariyalara kimi, simfonik orkestrin xorla birgə ifa etdiyi ən möhtəşəm parçalarını ağzında elə məharətlə ifa edirdi ki, biz operanın ağır, ipək pərdələrinin açılıb-bağlandığını, diri atın belində səhnəyə çıxan Koroğlunun, qəhrəmanlıq yağan vücudunu öz balaca, darısqal otağımızda görürdük. O, eynilə beləcə, məşhur amerikan cazmeni Qlen Millerin «Günəşli vadinin serenadası» filminə yazdığı kompozisiyaları da oxuyur, ayrı-ayrı alətləri ağzında elə oxuyurdu, elə bil dodaqlarına dirədiyi ovuclarının arasında gah saksafonda, gah klarnetdə, gah da trubada çalırdı. Bu, sözün əsl mənasında, ilahi bir tamaşa idi, ömrünü ədəbiyyata, ədəbi tənqidə, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Çəmənzəminli və digər bu kimi klassiklərin ədəbi irsinin yorucu tədqiqinə və təhlilinə həsr etmiş tənqidçinin virtuoz istedadı idi. O vaxt bu ilahi konsertlərin tamaşaçıları olan mən və qardaşlarım bütün bunların, faciəli bir insanın mənzərələri olduğunu anlamır, atamın ifa etdiyi musiqilərin ahənginə, ritminə varır, şənlənirdik. Bu gün isə, mən bu dahiyanə konsertləri ürək ağrısıyla xatırlayıram. Atamı, bu dünyada təkbaşına çalıb-oynayan, özü-özünə danışıb şer deyən. kimsəsiz, köməksiz uşaq kimi anıram.
Desəm ki, hansısa musiqi mənim həyatımda var, yaxud əsaslı yer tutur, düzgün olmaz. «Həyat» dedikdə daxili yaşantılar nəzərdə tutulur. Orda lap dərinlikdə musiqi yoxdur və heç bir musiqiyə ehtiyac da yoxdur. Lakin sevdiyim, tez-tez qulaq asdığım musiqilər var. Klassik musiqini, soyuq cazı sevirəm.
Kitablarınızda hekayələrinizin adı fərqlənir. Biri dırnaqla yazılır, biri dırnaqsız. «Şənbə gecəsi»nin, «...Su»yun niyə dırnaq içində olduğunu bəlkə özünüz deyəsiniz?
Vəsilə Dünyamalı
Bu sırf nəşr problemləridir. Bununla bağlı kitabın redaktoru ilə əlaqə saxlayın.
Deyirlər, sizin jurnalistləri görən gözünüz yoxdur. Axı niyə? Siz bilən, insanları bu cür, peşə xüsusiyyətinə görə ayırmaq nə dərəcədə düzdür?
Gülnaz Həsənova
Jurnalistlər mənim dostlarımdır. Özüm də BDU-nun jurnalistika fakültəsini bitirmişəm. Lakin bəzən elə jurnalistlərlə qarşılaşıram ki, ümumiyyətlə, müsahibə verməkdən, kiməsə səmimi söz deməkdən çəkinməli oluram. Mən, müsahibə götürdükləri qəhrəmanı öz məntiqsizliyində dolaşdırıb «qalib gəlməkdən», yaxud müsahibinin «qarnına girib» orda özünəməxsus tədqiqatlar aparmaqdan qəribə bir həzz alan, bunu şücaət bilən jurnalistləri nəzərdə tuturam. Yaxud görürsən, səmimi və qısaca dediklərini, sənə olan rəğbəti, sevgisiylə o qədər bəzəyib-düzəyib ki, o qədər özünəməxsus əlavələrini edib ki, öz cümləni tanıya bilmirsən. Bir də çoxlarının bu qənaətə gəlməyinə bir səbəb də ola bilsin, mənim, qəzet və televizya müxbirlərinə müsahibə verməkdən boyun qaçırdığım uzun zaman kəsikləri olub. Bunu da sizə izah edim.
Əvvəla, kiminləsə yaradıcı söhbətə, müsahibəyə vaxt lazımdır. Mənimsə vaxt sarıdan imkanlarım xeyli məhduddur. Mən, yazıçı olmaqdan savayı həm də idarə rəhbəriyəm. İkinci və ən əsasalı səbəb ovqat məsələsidi. Mən həmişə, danışmaq, söhbət etmək ovqatında olmuram. Xirtdəkdən yuxarı, söhbət xatirinə nə isə deməklə də aram yoxdu. Bir çox qəzet baş redaktorları, televizya kanalları məndən, məhz onlara müsahibə verməkdən boyun qaçırdığıma görə inciyiblər. Hamıya niyəsə elə gəlir ki, mən məhz onlara müsahibə vermirəm. Anlamırlar ki, əsil səbəb - həmin o ovqat söhbəti olub.
Afaq Məsud gerçəkdən məsuddurmu?
Oxucu
Elə bilirəm, özümü xoşbəxt hiss etmək üçün əlimdən gələni eləmişəm. Bu günəcən yazdıqlarımdan peşman deyiləm. Bundan sonra yazacaqlarımın, yazdıqlarımdan kəmiyyət və keyfiyyətcə üstün olacağına əminəm. Daim, bayaq dediyim yazı prosesində olmağa alışmışam. İşə məmnuniyyətlə gedir, eləcə məmnuniyyətlə də evə qayıdıram.
«Tənhalığın yüz ili»ni tərcümə edəndən sonra mətbuatda, televizyada da xeyli öyündünüz. Axı siz əsəri orijinaldan yox, rus dilindən, tərcümədən tərcümə etmişdiniz. Bunlar ayrı-ayrı şeylərdir.
Elnarə
Aydın deyil, siz mənə sual verirsiniz, yoxsa fikirlərinizi bölüşürsüz. Söhbətimiz alınsın deyə, cavab verirəm. Məgər rus dilindən tərcümə tərcümə deyil?!.. Əvvəla, mən «Tənhalığın yüz ili»ni yox, «Patriarxın payızı»nı tərcümə etmişəm. Burda da nəyisə qarışdırırsınız. Bu romana görə nə vaxt, harda «öyündüyümü» də xatırlaya bilmirəm. Jurnalistlərin, yenicə çapdan çıxmış romanla bağlı mənə ünvanladığı saysız sualları cavablandırmağımı öyünmək hesab edirsinizsə, bu sizin öz işinizdir. Lakin bu əsərin tərcüməsinin mətbuat tərəfindən hadisə kimi qarşılanmasının səbəbi, onun hansı dildən tərcümə edilməsi yox, Markesin, hər cümləsi az qala bütöv səhifəni tutan zəncirvari fikirlər silsilələriylə uzanan və bu səbəbdən tərcüməyə çətin gələn bu qəliz üslübü, irihəcmli romanın tərcümə edilməsi idi. Tərcümənin digər məziyyəti – bu nəşrin, ölkəmizin ən ağır siyasi-iqtisadi, sosial dönəminə təsadüf etməsidi. Bu kitabı, dövlət büdcəsindən maliyyələşməyən, əməkdaşları, cüzi tirajlarla buraxılan qəzet-jurnal satışından gələn qəpik-quruşun hesabına dolanan Mərkəzin özü gücü hesabınanə buraxmışdı. Kitabın nəşri ilə bağlı yaranan canlanmanın bir səbəbi də bu idi. Belə baxanda, əslində elə öyünməli hadisədi. Amma öyünməyimi xatırlamıam.
Bir az əvvəl televizyada «İldırımlı yollarla» verilişində «Axı sən nə istəyirsən?» sualını özünüzə verib kövrəldiniz. Deyəsən, yaradıcılıqdan savayı sizi daha nələrsə üzür, əldən salır. Depressiyanız tez-tezmi olur?
Yaradıcılıq məni qətiyyən üzüb əldən salmır. Bu barədə dəfələrlə mətbuatda da, televizya ekranlarından da demişəm. Məni üzə bilən, depressiv vəziyyətlərə gətirib çıxaracaq elə bir səbəblər yoxdur. Keçirdiyim daxili gərginliklər – boşluqlar və darısqallıqlar mənim özümlə, daxili vəziyyətimlə bağlıdır. Bu vəziyyətlər heç cür ətrafla bağlı deyil və onlara mən özüm belə, heç bir təsir göstərə bilmirəm. Görünür, nə qədər səmimi olsam da, ən gizli sirlərimi, minlərlə oxucumun və tamaşaçımın qarşısında çəkinmədən açsam da, yenə aydınlaşmıram, heç bir hesablamalara uyğun gəlmirəm. Bu barədə, adı çəkilən verilişdə dediyiniz «Axı sən nə istəyirsən?» sualına da məncə, orda xeyli ətraflı cavab vermişəm.
Biz yazıçıları özümüzə o qədər doğma, yaxın adam bilirik ki, heç həyatda da onlara aşağıdan-yuxarı baxmarıq. Hətta bəzən elə bilirik, biz sizin «içinizə» bələd olduğumuz kimi, siz də bizi tanıyırsınız. Amma həyatda sizinlə rastlaşanda, salam verməyə belə çəkinirəm. Əslində səmimisiniz, yoxsa, sadə adamlarla mehribanlığı, hansısa ünsiyyəti artıq sayırsınız?
Məncə çox səmimiyəm. İnsanlara da sadə, yaxud qəliz olmasından asılı olmayaraq, münasibətim müsbətdir.
Lakin daim yaradıcı ovqatda olmağım, insanlarla ünsiyyətdə müəyyən sədlər yaradır. Yaradıcı ovqat – insanın yuxulu vəziyyətdə olduğu məqamlara bənzəyir hardasa. Kənardan müdaxilə, səs, təmas onu bu vəziyyətdən ayırır. Bax, bunu istəmirəm.
«Cəza»da insanın əməlləri bir gün ondan qisas alır. Bəs Tanrının qisası? Axı o da tərs bəndələrindən qisas alır, Afaq xanım...
Mehriban
Sual müəmmalıdır. Əgər siz «tərs bəndə» deyəndə, məni nəzərdə tutursunuzsa, mənim nədə tərslik etdiyimi izah etsəydiniz, pis olmazdı. Sizə deyim ki, tərs adamlara müəyyən simpatiyam var və bu mənada kənardan tərs görünməyim hardasa xoşuma gəlir. O ki, qaldı qisas məsələsinə, qisas almaq bəndələrin işidir. Tanrı cəza verir. Əsasən uşaq təbiətinə xas olan bu keyfiyyətin daşıyıcılarının, Tanrının hansısa cəza kateqoriyasına düşəcəyinə inanıram.
Sizin əsərlərinizə «ər» əbədi olaraq mənfi obraz kimi qeydiyyata düşüb. Niyə belə?
Anonim
Siz mənim gənclik illərimdə yazdığım müəyyən povest və hekayələri nəzərdə tutursunuz yəqin. O əsərlərdə, fikir versəniz, hər şey siz deyən kimi «mənfidir». Qurudulmaq üçün ipə sərilən uşaq əskilərindən tutmuş, divarın o üzündən eşidilən qonşu səslərinicən, hər şey məni qıcılandırır, narahat edir. Bu, mənim, o illərdəki xəstəhal dərəcədə həssas duyumlarımdır. Bu duyumlar, məni əhatə edən insanların, əşyaların mənfiliyini yox, ətrafdakıların mənim tərəfdən bu sayaq yad və anlaşılmaz ölçülərdə qəbul edildiyini göstərən məqamlardır. Mənə yazıçılıq qabiliyyəti verən, əsərlər yazdıran, düşünməyə, özümdə, daxilimdə zərgər incəliyi ilə tədqiqat işləi aparmağa vadar edən də həmin bu duyumlardır.
Deyirlər, sənətkar vaxtında doğulduğu kimi, vaxtında ölməyi də bacarmalıdır. Onda Afaq Məsudun ömrünə nə qədər qalıb?
Könül Mirzəyeva, mədəniyyət işçisi
Bilməzdim ki, ölümümü gözləyənlər də var. Ölməyi kiminsə bacardığının şahidi olmamışam. Dünya yaranandan bu yana insanların ölümlə mübarizə apardığından və yalnız son ucda qüvvələri tükənəndə, Ona təslim olduğundan xəbərim var. Mənə gəldikdə isə sizə deyim ki, doğulma prosesim hələ başa çatmayıb.
Adama elə gəlir, Afaq Məsud təkcə Avropa ədəbiyyatını sevir və oxuyur. Əsərlərinizdən şərqin nəfəsindən çox, mücərrəd bir yerin havası gəlir. Bu, özünüzü heç təəccübləndirmir? Bu torpağın enerjisi niyə sizdən uzaq düşüb?
Emil Rüstəmoğlu
Əvvəla, sizə deyim ki, son bir neçə ili mən ümumiyyətlə, heç nə oxumuram. Son günlər bir sıra sufi şairlərin əsərlərini oxumağa başlamışam. Milli mənsubiyyət mənasında «mücərrəd bir yer» dediyiniz isə gördüyünüz kimi, nə Avropadır, nə də Şərq. Bu, elə verdiyiniz sualın cavabıdır. Bu, mən özüməm. Hava da, heç bir milliyyəti təmsil etməyən bir yazıçının havasıdır. Əsərlərimdə milli ruhun olmaması üçün qəsdli surətdə nə isə eləmirəm. Bu gün Yer üzündə yaşayan müxtəlif irqli, müxtəlif dilli millətlərin, nə vaxtsa uzaq keçmişlərdə yeganə bir Qadından – müqəddəs Həvvadan törəndiyi dəfələrlə, ən müasir elmi dəlillərlə sübut olunub. Bu mənada milli anlayışın, əzəli insan ruhuna gətirilmə, köçürülmə bir anlayış olması, milli geyimləri, ənənələri və atributları ilə bir-birindən seçilən doğma ruhlu Yer adamlarının – dərdləri, ağrı və arzuları bir-birindən seçilməz dərəcədə eyni olan insanların bir də bölünməsinə, məhdud milli çərçivələrə salınmasına ehtiyac görmürəm.
Deyirlər, sən siyasətə qarışmasan da, siyasət sənə qarışacaq. Siyasət sizə qarışıbmı? Hansı partiyaya meyillisiniz? Rəğbətiniz müxalifətədir, yoxsa iqtidara?
Mətanət Yaqubova
Heç bir yana meyilli deyilləm. Siyasət mənə yaxın gələ bilmir. Son illər ölkəmizdə baş verən məlum siyasi hadisələr axarında belə cəhdlər çox olub. Belə cəhdlər indi də var. Hesab edirəm ki, hər kəs öz işiylə məşğul olmalıdı. Siyasətçi siyasətlə, yazıçı yazı ilə. Bir qism adam mənim «Azadlıq» romanımı siyasi əsər kimi qəbul edir. Lakin bu belə deyil. «Azadlıq» psixoloji dedektivdir. Buradakı obrazlar mənim üçün siyasi portretlərdən çox, psixoloji baxımdan maraqlı saydığım şəxsiyyətlərdir. O ki, qaldı rəğbətə, iqtidarda da, müxalifətdə də rəğbət duyduğum insanlar var.
Kimi mütaliə edirsiniz? Hansı yazıçıdan öyrənirsiniz? Və nəyi öyrənirsiniz?
Gültəkin
Hazırda sufizmlə bağlı ədəbiyyatı oxuyuram. Bu əsasən XI-XII əsrlərdə şərq ölkələrində sufizm ənənələrinin əsasını qoyan alim və şairlərin əsərləri, orijinal mətnlərdir. İbn ərəbi, Əziz əd-din Nəsəfi, Qəzali, Rumi, Cami və digərləri bircə fikrində əbədi batmaq olar. Orlarda batmamağa çalışıram.
Ənənəmizə uyğun olaraq, sonda Afaq xanım növbəti qonağımız – şair Zəlimxan Yaquba sualın ilkini verir:
«Sözü və şeirləri azadlıq və təbiət qoxuyan Zəlimxan bəyin, havası sanki illərlə dəyişdirilməyən, darıxdırıcı, üzücü məclis iclaslarında oturanda, ürəyindən nələr keçir?!»
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:17
Комментариев нет:
Отправить комментарий