Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


среда, 10 сентября 2008 г.

525-ci qəzet
11 fevral 2006-cı il, şənbə


Qiyamət Günü cəzanın ən ağırını həqiqəti bilməyə can atmayan alim çəkəcək…




- Afaq xanım, 2005-ci il bir yazıçı kimi sizin üçün uğurlu və məhsuldar oldu; ilk dəfə dramaturgiyaya ayaq basdınız, «Can üstə» adlı pyesiniz səhnələşdirildi. Seçmə nəsr əsərlərinizdən ibarət «Yazı» adlı kitabınız çap olundu. «Duyğular imperiyası» silsiləsindən esselərinizi, naşiri olduğunuz «Xəzər» jurnalında Şərq fəlsəfi fikrindən, təsəvvüf elmindən tərcümələrinizi də əlavə edəndə belə bir təəssürat yaranır ki, siz bütün gücünüzü səfərbər etmisiniz. Bu həqiqətən belədir, ya həmişəki adi ritminizlə işləyirsiniz?
- Məncə, bu, mənim ritmimdi. Bu ritm, məni yaxından tanıyan adamlar üçün yenilik deyil. Bu yaxınlarda məni, yaradıcılıq baxımından yox, tamamilə ayrı bir rakursdan – ana, nənə, ailə başçısı rakursundan tanıyan dayəmizin, mənim barəmdə dediyi: «külək-qadın» ifadəsi də, elə bilirəm, təsadüfi deyil. Mənim bu «külək» ritmimə çoxları təəccüblənir, bəziləri bu «anormal ritmi» hansısa mistik enerji ilə əlaqələndirirlər. Əvvəllər mən özüm də, bu sürətimdən xəbərsiz idim. Bir dəfə isə, yaxın bir qohumum, yaşlı, astagəl bir qadın, iyirmi dəqiqəyə bişirdiyim plovu yedikdən sonra:
- Bu, mistikadı. – deyəndə, mən özüm də, fikrimcə, tələsmədən hazırladığım bu plovu şübhə ilə yeməyə başladım. Sizin, mənim yaradıcılığımda duyduğunuz «səfərbərlik ovqatı» da, olsun ki, həmin o ritmin yaratdığı görüntüdü. Əslində isə hər şey daha sadədi. Ailə və məişət işlərinə, üç övladın ərsəyə gətirilməsinə sərf etdiyim həmin o «dəli» tempimi indi müəyyən qədər yaradıcılığıma yönəltməyə imkan tapıram. Əslində isə mən daim dayanmadan işləmişəm. Dediyim həmin o qayğı dolu illər də, əslində, ikili həyat yaşamışam. Bir əlim uşaq bələyəndə, o biri əlim, daim qələm axtarıb. O illər ərzində, imkan tapıb yaza bildiklərimi yazmışam, yaza bilmədiklərimi, içimdə saxlamışam və elə bilirəm, yaza bilmədiklərim yazdıqlarımdan xeyli çoxdu. Və heç yadımdan çıxmaz, oğlum bətnimdə ikən, yayın qızmar bürkülərində, havasızlıqdan və istidən gicgahımda, burnumun ucunda döyünən ürək döyüntülərimi saya-saya, hər gün beş-altı, bəzən daha çox saatlarla «Patriarxın payızı»nı – 550 səhifəlik qəliz üslublu romanı tərcümə etməyim... eyni məqamda, o biri əlimdə, yenicə bitirdiyim «Azadlıq»ın son variantı üzərində işləməyim... və elə həmin ərəfədə hansısa üçüncü əlimlə gözümə sataşan boş vərəqlərdə «İmperiyamın» ilk duyğularını yazmağa başlamağım... Bir yandan da Mərkəzin işləri, ev, uşaqlar… Bu mənzərə, kənardan baxanda olsun ki, hansısa böyük ərazilərin zəbti ərəfəsində görülən ciddi və məqsədyönlü səfərbərliyi xatırladır. Və bəlkə də siz haqlısız, bütün bunlar ola bilsin ki, həqiqətən də nəyəsə, hansısa daha əlçatmaz mərhələlərə aparan böyük uçuşlarqabağı səfərbərlikdi.
- «Yazı» kitabında nəsrinizdən seçmələr içində «Azadlıq» romanınız da çap olunub, ancaq bu dəfə «Yasaq yuxular» adıyla. Özü də dəyişən yalnız ad deyil, bu nəşrdə siz romanın birinci fəslini də ixtisar etmisiniz. Mənə elə gəlir ki, 90-cı illər Azərbaycanındakı ictimai-siyasi hadisələrdən bəhs edən həmin fəsil də, sonrakı fəsillər və, romanın adı da bir-birini tamamlayırdı. Yeni versiyada isə nəsə bir boşluq duyulur. Ola bilsin, bu boşluq, məndə ilk yaddaşdan – romanın birinci variantından qalan təəssüratla bağlıdır, amma hər halda, bir oxucu kimi mən «Azadlıq»a üstünlük verirəm.
- Bu, boynuma alıram ki, mənim səhvimdi. Romanın ilk fəslinin bir qədər publisistik üslubda yazılması, yəni, dövri hadisələrə işləməsi, məndə belə bir təəssürat yaratdı ki, roman bu fəsilsiz də keçinə bilər. Ələlxüsus da, bu fəsil, həmin o markesvari «deyirər», «deyirdilər» ibarələru ilə yazıldığından və bu səbəbdən, bir sıra naşı gözlərlə Markesin patriarxına bənzədildiyindən bu dəfə ixtisara uğradı. Yəni, mən istədim ki, «Azadlıq»la «Patriarxın payızı» arasında, Generalla Patriarx arasında olan yer-göy fərqləri, mövzu və üslub müxtəlifliyi axır ki, aydınlaşsın. Lakin, romanın birinci fəslini ixtisar etməklə səhvə yol verdiyimi mən, kitab artıq işıq üzü görəndə anladım. Roman həqiqətən, bu halda mənə, hansısa əzası kəsilib atılmış şikəst insanı xatırlatdı. Əslində bu, həqiqətən belədi. Əslində hər bir əsər nə ioəsə həm də insana bənzəyir. Onu sonradan biçib-kəsmək, şalvar, yaxud pencək kimi daraldıb-enlətmək – canlı orqanizm üzərində aparılan əməliyyatlar kimi, zədəsiz, xatasız ötüşmür. Bu mənada, səhvimi boynuma alıram və söz verirəm ki, növbəti nəşrlərdə «Azadlıq» öz orijinal versiyasında nəşr olunacaq.
- Ramiz Rövşən «Yazı» kitabına yazdığı ön sözdə deyir ki, Afaq «İzdiham»la içindəki çatın, zədənin üstündən keçib gedə bildi.
Bəs ağrılardan da keçə bildizmi? Çünki mən «O məni sevir»də gördüm ki, «İzdiham» dakı ağrılar hələ də canımızdan çıxmayıb.
- «İzdiham» hər düşünən kəs üçün, onun müəllifini təhlil etməyə sonsuz imkanlar yaradır. Bu əsərin kodunun açılmasına açar axtaranlar çox olub və indi də bu axtarışlar davam etməyindədi. Biri bu əsəri, az qala pornoqrafik nəsr kimi təhlil edir, ərin, arvadının boş sinəsinə baxıb: «Bəs döşlərin hanı?» – deməsini, qapqara izdihamın içində nəinki başını, döşlərini belə itirən bu gənc, zavallı qadının sinəsində asılan boş əlcəkləri erotik eyham kimi yozur, bir başqası, bunu qaravəlli hesab edir... Yalnız duyğular əsasında yazılmış bu süjetsiz, ənənəvi «ana xətt»siz əsəri vəhy sayanlar da var. Əslində isə «İzdiham» - İlahi möcüzə ilə baş tutan, onu da deyim ki, hər kəsə nəsib olmayan şüuraltı yaddaş xatırlamasıdı. Və bu mənada, «İzdiham», nəinki Azərbaycan ədəbiyyatında, dünya ədəbiyyatında belə, analoqu olmayan əsərdi.
Ramiz «İzdiham»ı mərhələ hesab etməyində ola bilsin ki, haqlıdı, mənsə, illər ötdükcə anlayıram ki, ondan əvvəl də, sonra da yazdıqlarımın hamısı, «İohan-II» daxil olmaqla, «İzdiham»dan baş alıb gəlir. Ola bilsin ki, bütün anlaşılmazlıqları və izaholunmazlıqları ilə «İzdiham» mənim genetik yaddaşımdı, əgər belə demək mümkündüsə, mənim ruh relyefimdi. Ayrı cür desək, mənim «mən»-imin əlifbasıdı. Bu mənada, dediyiniz o ağrılar o səbəbdən keçilib-gediləsi ağrılar deyil ki, onlar mənim genetik koduma oturuşmuş, şüuraltı yaddaşıma hopmuşlardı. Bu ağrılar sadəcə, əsərdən-əsərə seyrəlib, qoxu, toz dumanı havaya dağılan kimi, yayıla bilir, mədliyini, tündülyünü itirməyə qadirdi. «İzdiham» isə, bütün bu ağrıların və o ağrıları yaradan səbəblərin qaynağı, məxəzidir. İndi bir əsər üzərində işləyirəm və hiss edirəm ki, çox da böyük olmayacaq bu mistik trillerin özü də, «İzdiham»ın hansısa gözdən-könüldən uzaq bir küncündən baş alıb gəlir. Belə-belə işlər.
- «Azərbaycan» jurnalının 2005-ci il yanvar sayında yeni bir pyesiniz çap olunub. «O məni sevir» adlı bu ikihissəli pyes hardasa «Can üstə»nin davamıdır. O mənada ki, «Can üstə»də yasaq suallara cavab axtaran Yazıçı qadın «O məni sevir»də artıq yasaq ərazidə fövqəlqüvvələrlə təmasdadır.
- Bəli, bu, həmin o qadındı. «İzdiham»da, kimsəsiz meşəliyin ağaclarında yatan, «Dovşanın ölümü»ndə, kirpi istəyən, «Sərçələr»də, pəncərəsinin məhəccərinə yığışan sərçələrə baxa-baxa qəfildən yoxa çıxan qadın.
«Can üstə»də, qırmağına canüstü məqamda keçən Qocayla bir tanımadığı, yalnız adda-budda hissləriylə duyduğu sirli Ərazini – O dünyanı öyrənməyə can atan bu qadın, burda artıq o keçilməz səddi keçib. Lakin, o səddi keçmək, hələ o biri üzə – həmin o görünməz, ələgəlməz Əraziyə düşmək demək deyil. O Əraziyə düşən kəs, hal-hazırda özümü nəzərdə tuturam, artıq buralarda görünməz. Yəni ən azı, o kəsin, bu əsəri yazmaq ehtiyacı olmaz. Bu mənada, əsərdəki hisslər qırıqlığı, görüntülər və situasiyalar natamamlığı da yolçunun (yəni mənim) hələ yol getdiyidən xəbər verir. Bu, təxminən hansısa sirli, möhtəşəm məkana çathaçatda, o məkanın, uzaqdan-uzağa görünən adda-budda mənzərələrinin – oranın zirvə və çöküntülərinin, yaşıllıqlarının və buludlarının təsvir edilməsinə bənzəyən bir prosesdi. Bu gün hələ ki, bu çathaçat prosesi davam etməyindədi…
- Bu halda, insan idrakının hələ tam dərk edə bilmədiyi belə bir situasiyanı yazıya almaq həm çətin, həm də fikrimcə, cəsarətli işdi…
- Açığı, əsəri nəşrə böyük tərəddüdlərdən sonra verdim. Düşünürdüm ki, zahirən, bizim dildə desək, sayıqlamanı, qızdırmalı adamın psixi fəsadlarını andıran bu əsər, bizim, həddən ziyadə «ayıq», cəmiyyətimiz tərəfindən elə də asanlıqla qəbul edilməyəcək. Ümumiyyətlə, bizim oxucu-tamaşaçı auditoriyası, qəbul olunmuş ümumi anlayışa sığmayan sənət əsərlərini çox nadir hallarda qəbul edir. Bizim insanlar, qəribədi ki, səhnədə də, ədəbiyyatda da, yalnız öz anladıqlarını, gündəlik həyatlarında yüz min dəfələrlə yaşadıqlarını görmək istəyirlər. Və əsasən, bekarçılıqdan üzülən, yaxud bitib-tükənməz məişət qayğılarında itib-batan və bu səbəbdən, düşünüb daşınmağa vaxtı olmayan insanlar üçün, ələlxüsus da, evdar qadınların başını qatmaq məqsədilə yayımlanan bayağı seriallara olan kütləvi marağın səbəbi də burdan irəli gəlir. Bizim insanlar niyəsə düşünmək istəmir. Onlar, gündəlik həyatlarında dəfələrlə, dönə-dönə yaşadıqları sevincləri və kədərləri, sevgi və qısqanclıq səhnələrini, xəyanəti və yalanı bir də və bir də, bu dəfə ekranda, öz rahat kreslolarında otruduqları yerdə görmək istəyirlər. Bu, anormal bir haldır, inanın mənə. Axı biz bu dünyaya yeyib-yatmaqdan, evlənib-boşanmaqdan, sevib-ayrılmaqdan ötrü gəlmirik?!.. Həyatımız boyu içindən keçməli olduğumuz bu məlum prosesləri, bir də yenidən sənətdə görmək istəyi, səthi insan münasibətlərinə olan bu doyumsuz maraq nə vaxt bitəcək?.. Bu mövzuda mən indi bir pyes üzərində də işləyirəm. Pyesin adı, əgər əsər tamamlananacan fikrimi dəyişməsəm, «Qara corablı» olacaq. Bu əsərdə həmin bu problemə də toxunulur. Yəni burda söhbət – əslində yaşadığımız bu boyda hüdudsuzluğun, bu sonsuz Kainat möhtəşəmliyinin, bu tükdənasılı həyatımızın içində, özlərini, özləri üçün yaratdıqları hansısa qapalı çərçivələrdə dustaq edən insanlardan gedir. Bəlkə də əslində, gərək mən tamaşaçılarımın və oxucularımın nəzərinə ilk əvvəl «Qara corablı» nı çatdıraydım. Çünki «O məni sevir», dediyim o «çərçivələr qapanmasından» artıq xilas olmuş, ya da heç olmasa, bu qurtuluşa meylli olanlar üçündü. Əsərin anlanılması ilə bağlı tərəddüdlərimlə yanaşı, bir şeyə arxayın idim ki, bu əsər, bütün anlaşılmazlığına və irreallığına baxmayaraq, mənim özümə də məlum olmayan hansısa gizli energetik vasitələrlə ən naşı oxucunu belə, necəsə, nə iləsə tərpədəcək. Və belə də oldu. Bunu, əsəri əlyazmada və indi artıq nəşr olunmuş variantda oxuyanların, hansısa sarsıdıcı körpüdən keçdiklərini bildirən, nədənsə, hansısa möhtəşəm təkanlardan dəyişmiş tamamilə ayrı səslərindən, ovqatlarından anladım.
- Müstəqilliyimizdən sonra xarici ölkə teatrları Azərbaycan dramaturgiyasına nadir hallarda müraciət edirlər. Necə oldu ki, sizin pyes, teatr ənənələri çox güclü olan Moskvanın diqqətini çəkdi?
- Mən pyesi, Moskvada çap olunacaq kitabıma daxil etmək üçün rus dilinə tərcümə etdirdim. Yeri gəlmişkən, əsərin canını duyub orijinalı rus dilində maksimal dərəcədə alan istedadlı tərcüməçi Nadir Ağasiyevə öz təşəkkürümü bildirirəm.
Moskvalı həmkarlarından biri bu pyesi, Moskvanın «Sovremennaya dramaturgiya» jurnalının redaksiyasına təqdim etdi. Əsər bəyənildi və bu ilin nəşr planına salındı. Daha sonra mənə, bu pyesi Moskva teatrlardan birinə təqdim etməyi təklif etdilər. Daha doğrusu, əsəri hansısa bir teatra təqdim etməyimin razılığını aldılar. Mən də, sözsüz ki, nəinki razılıq verdim, buna ürəkdən sevindim. Və beləliklə, «O məni sevir…» Moskvanın mərkəzi teatrlarından olan «Jar-ptitsa» teatrı tərəfindən qəbul edildi. Hazırda tamaşanın ilk məşqləri gedir. Düzünü deyim ki, rus tamaşaçısının yüksək intellektindən xəbərdar olsam da, yenə təşviş keçirirəm ki, necə alınacaq. Bilirsiz, burda məsələ o qədər incə, az qala ülgüc nazikliyində kövrək xətt üzrə gedir ki, nəyin necə alınacağını təsəvvürünə gətirə bilmirsən…
- Pyesi iki hissəli qurtuluş cəhdi adlandırmısınız. İstərdim bu məqamın üzərində bir az dayanaq; yəni, nədən qurtuluş - ruhu sıxan «qabıq»dan, maddi dünyadan, yoxsa indiyəqədərki dünyagörüşündən, həyat deyilənin dərkindən?
- Əslində bu qurtuluşun dəqiq nədən olduğunu mən deyə bilmərəm. Burda maddi dünyadan da qurtuluş cəhdi var, dediyiniz o «bədən» adlandırılan qabıqdan da. Lakin bu, qurtuluşların hamısı deyil. İnsanın bu dünyada daha nələrdən xilas olmaq istəyi, bizlərin hələ ki, bilə bilmədiyimiz ən gizli sirlərdəndi. Bu, insanlıq üçün əzəl gündən yaradılan hansısa ələgəlməz, çıxılmaz çərçivələr modeli də ola bilər, zahirən möhkəmliyinə arxayın olub, üstündə evlər qurduğumuz, əslində isə, istənilən məqam oxunu dəyişib Allah bilir, ha yana dığırlana biləcək Yer kürəsinin özü də. Bu əsərdəki qurtuluş cəhdi də, ilk anlamında – maddi dünyanın kobud və yad qanunauyğunluqlarında azıb qaldığından, tezliklə ərimək, yoxa çıxmaq, şüa kimi, külək kimi çəkisizliyə və iddiasızlığa qoşulmaq istəyən bu qadının çıxış və nicat yoludu. Əslində, əsər boyu şahidi olduğumuz, əslində isə baş qəhrəmanın daxilində gedən bu qarşıdurma, bizlərin hər birimizin içində gedən həmin qurtuluş cəhdləridi. Bu anlaqsız cəhdlər birimizdə, daxilimizdə daim anlaqsız narahatlıqlar yaradan kiçicik toxum şəklində, digərimizdə uzunömürlü, üzüntülü darıxmalarla özünü biruzə verir. İnsanlar çox vaxt bu daxili diskomfortu, bu izaholunmaz narazılığı, sıxıntını, hansısa maddiyyatla, məişət, yaxud, müxtəlif həyati problemləri ilə bağlayırlar. Lakin problemlər həll olunduqca, hər növbəti arzu həyata keçirilib «keçilməz maneələr» aradan qaldırıldıqca, insanlar həmin o daxili narazılıqlarına səbəb ola biləcək daha yeni-yeni arzular arayır, daha çətin keçilən maneələr tapırlar. Maneə və arzu qıtlığı yarananda, onları özləri, çox vaxt süni şəkildə yaradırlar. Əslində isə bu, hər birimizin daxilində baş verən həmin münaqişədi. Yöndəmsiz qaba sıxışdırılan çəkisiz şüanın, həmin o qabı dəlib, yarıb azadlığa çıxmaq nisgilidi. Və nə qədər ki, biz yaşadığımız bu dünyaya, artıq bütün qayda-qanunlarına yaxşıca yiyələndiyimiz Maddiliklər səltənəti kimi baxacağıq, daxilimizdə gedən bu əbədi münaqişənin, bu naməlum sıxıntının məngənəsindən qurtula bilməyəcəyik.

- Pyesdə obrazlardan biri, hansısa sirli sıxıntılardan qurtulmaq istəyən, görünməzliklərə can atan və daim nə isə axtaran Ayom haqqında deyir: «O, makedoniyalı İskəndərdi». İskəndər bizim bədii yaddaşımızda dirilik axtaran bir insandır. Bəlkə «O məni sevir»in qəhrəmanı olan qadının qurtuluş çabaları da dünya fatehini qorxuya salan fanilikdən dolayıdı?
- Bu İskəndər məsələsi əsərə tamamilə təsadüfən düşüb. Yəni, onu ora sözün özü gətirib. Bu, qətiyyən mənim, əsərin ümumi qayəsinə işləyəcək, yaxud, hansısa sətiraltı mənanı açmağa xidmət edəcək nəyisə çatdırmaqdan ötrü düşünüb tapdığım bənzətmə deyil. Amma sonradan, ayağı bu dünyadan üzülmək üzrə olan bu qadının, həqiqətən də, dünyanı fəth edə-edə, zülmətdə işıq axtaran Makedoniyalı İskəndərə nə iləsə oxşadığını gördüm və bu sərkərdənin adının əsərə elə-belə, təsadüfən düşmədiyini anladım. Axı Quran da deyir:«Bircə ağacda bircə yarpaq belə, özbaşına tərpənməz və bir beyindən bircə fikir Mənim İznim olmadan, ötməz.» Sizin, «səfərbərlik» kimi qiymətləndirdiyiniz həmin o mistik ritmimlə mənim, bir vaxtlar, qısa bir vaxt ərzində, az qala ildırım sürəti ilə ərazilər fəth edən Makedoniyalı İsgəndərlə nədəsə, necəsə oxşar olduğumu düşünürəm. Fərqimiz bir bundadı ki, mənim zəbt etdiyim ərazilər Yer əraziləri deyil…
- Mənə belə gəlir ki, bu, sizin Tanrı sevginiz, Tanrı inancınızdır. Ancaq iki sevən arasında nə İsa, nə Budda, nə də Məhəmməd yoxdur…
- Elə bilirəm, heç bir insanla İlahiyyat arasında kimsə yoxdu. Belə olmasaydı, biz sevinəndə, yaxud, dara düşəndə, ilk əvvəl Allahı yox, Onun peyğəmbərlərini köməyə çağırardıq, Allaha yox, onlara şükür edərdik. Məhəmməd peyğəmbər də, İsa da, Allahın sevimliləridi, insanlara, İlahinin mövcudluğundan və danılmaz möcüzələrindən xəbər verənlərdi. Axı Allah, insanlara demək istədiyini, yalnız sevdiklərinə, onları sevdiyi hissin qədəri müqabilində verir. Lakin bu ilahi simaların heç biri insana, İlahinin özü qədər yaxın ola bilməz və onların buna iddiaları da olmayıb. O ki, qaldı əsərə, burda baş verən bütün o ağlasığmazlıqlar, ilk baxışda, uydurmanı, fantastikanı andıran məqamlar, nə qədər inandırıcı olmasa da, real hadisələrdi. «İohan-II» romanındakı aramsız yağışların da, bir müddətdən sonra, mənim idarəmə keçməsi uydurma deyil. Eləcə də, «O məni sevir»də Ayomla təmasa girən ildırım çaxmaları, göy gurultuları, küləklər və yağışlarla müşaiyət olunun ünvansız, ilahi sevgi etirafları və sairə əslində, baş verib... və mən bu barədə çox danışmaq istəməzdim. Sadəcə, istəyim odu ki, yerin üstündə möhkəm dayanmış insanlar anlasınlar ki, bu dünya – onların gözlərinə görünən «aydın» «real» aləm deyil. Və bu istək, insanları, dünyanı irreallıq saymağa, ondan üz çevirib tənhalığa qapılmağa, yaxud, olmayan qanadlarıyla göylərə uçmağa da səsləmir. Dünyanın nə olduğunu anlamaqdan ötrü, ilk növbədə insan özü-özünü anlamalıdı, nə istədiyini, həmin o istəyinin, yaxud istəmədiyinin mahiyyətini anlamalıdı. Bir sözlə, daim özü üzərində daimi nəzarəti aə tədqiqatı dayandırmamalıdı ki, kamilləşə bilsin, həqiqi İnsan həyatı ilə yaşamağın nə olduğunu nəhayət ki, anlasın. Bu isə, ilk növbədə, dünya haqqında lap körpəlik illərindən, sonradan orta və ali məktəbdə, ailədə və cəmiyyətdə formalaşdırılmış stereotip anlamın yenidən baxılması, haqqın, həqiqətin indvidual şəkildə aranıb tapılmasıdı. Və düşünürəm ki, bu əsərin, müəyyən mənada, həmin bu araşdırmalara, dediyim bu dəyər yeniləşmələrinə aparmaq imkanları var.
- «Xəzər» jurnalında sufi fikir tarixindən tərcümələriniz çap olunur. Bu istiqamətə meyl içinizdəki dəyişmədən - «İlahi keçid»dən sonra bir zərurət kimi meydana çıxdı, yoxsa, sadəcə, oxucu üçün maraqlı olan öyrənilməmiş qapalı bir sahə kimi?
- Bu da bir mistikadı və elə bilirəm, məndə sufiliyə yaranan bu xəstəhal maraq da təsadüf deyil. Bu unikal əlyazmalar bu gün mənim üçün, nə vaxtsa yazdığım və bundan sonra yazacağım əsərlərimdəki, sətiraltı mənaları çox vaxt axıracan özümə də məlum olmayan «izaholunmazlıqları» açmaqdan ötrü, bir növ izahlı lüğət rolunu oynayır. Nə qədər qəribə də olsa, yazdığım hər hansı bir fikrin, yaxud duyğunun dəqiq izahını, indi mən həmin bu mistik mətnlərdə tapıram. Bu tilsimli prosesin bir canlı şahidi də Vaqif İbrahimoğludu. «O məni sevir» -in ilkin variantını oxuduqdan sonra, əsərin baş qəhrəmanı olan həmin o qadının, hər insanda gördüyü insan ordularının, izahsız insan müxtəlifliklərinin nə demək olduğunu, dəfələrlə birlikdə müzakirə edib dəqiq bir nəticəyə gələ bilmədiyimiz günlərin birində, bu sirrin cavabını, böyük sufi – Əbu Həmid Əl Qəzalinin, «Xəzər» jurnalı üçün tərcümə etdiyim traktatlarında tapdım. Bunun birincisi, Məhəmməd peyğəmbərin kəlamından gətirilən sitat idi:
«Ruhlar – müntəzəm ordulardır...».
Digəri, Qəzalinin öz qənaətlərindən idi:
«Ruh öz qoşununu tanımalıdı...»
Sufi mətnləri ilə bağlı bu və digər bu kimi mistik hadisələrdən belə qənaətə gəlirəm ki, görünür, hardasa ötən ilin əvvəllərindən, ya bəlkə ondan bir qədər də əvvəl qədim sufiliyə yaranan bu ehtiyac mənə, mütləq yazmalı olduğum və görünür nə vaxtsa yazacağım nəyəsə, hansısa möhtəşəm əsərə, insanlıq üçün vacib olacaq kitabı yazmağa hazırlamaqdan ötrü verilib. Bu, həm də həqiqətən, Azərbaycanda öyrənilməmiş, olduğu kimi açılmamış sahədi…
Hələ uşaqlıq illərindən, sufilik barədə atamdan eşitdiklərimdən, canımda, yaddaşımda cazibədar ovsun kimi qalan bu sirli dünya haqqında, sonradan mən demək olar ki, məlumatsız qaldım. Yəni sufiliyi aça bilən bir mənbə, yaxud ədəbiyyat tapa bilmədim və düzünü deyim ki, bu barədə unutdum. Sonradan, sufilik barədə aldığım «tərki-dünyalıq», «zahidlik», «dərvişlik» və sair bu kimi izahlarla müşayiət olunan adda-budda məlumatlardan məndə, bu sahə ilə bağlı, nə isə qəramət və müəmma dolu, son ucu təhlükə və ölüm saçan qaranlıq bir dünya təəssüratı yarandı... Lakin, heç nəyin təsadüf olmadığı günlərmizin birində, atılmış bir kitabxananın köhnə kitabları arasında əlimə, şərq sufiliyinə dair sırf elmi-nəzəri bir kitab keçdi. Mən bu kitabı, az qala birnəfəsə başdan-ayağa oxudumsa da, bir-iki qəzəldən və imam Həsən Bəsrinin həyatına dair qısa lətifələrdən ibarət zikrindən savayı, heç nə anlamadım. Tərcümənin, ən sınanmış mütaliə üsulu olduğu ümidi ilə, bütün ömrünü, günaha batmaq qorxusundan göz yaşları və ilahi qorxular içində keçirən bu imamın zikrini tərcümə etmək qərarına gəldim. Bu zikr «Xəzər»in ilk sayında nəşr edildikdən sonra yaranan əks-sədadan sonra bu sehrli kitabın digər fəsillərinə – ilk oxunuşda mənə, az qala çin əlifbasıyla yazılmış anlaşılmaz mətnlər təsiri bağışlayan o biri əsərləri də tərcümə etməyi qərara aldım və yerimdəcə donub qaldım... Bir müddət əvvəl, az qala hər sətrini bir neçə dəfə, dönə-dönə oxusam da heç nə anlamadığım həmin bu «çin dili», Həsən Bəsrinin zikrindən sonra, azərbaycan dilinə çevrilmişdi... Hər şey mənim üçün aydın və anlaşıqlı idi. Odu ki, dayanmadan işə başladım. İlk əvvəl, niyəsə, şərq sufiliyinin əsasını qoyanlardan – Əziz əz-din Nəsəfinin «Zübdət əl Hakayiq» (ərəb transkripsiyasında «xakayiq» də oxuna bilər) – «Mövcudluq barədə həqiqət» əsərini tərcümə etmək qərarına gəldim. Sonradan belə məlum oldu ki, ümumi sufiliyi, ayrı-ayrı sufilik yolunun təriqətlərini anlamaqdan ötrü, ilk əvvəl hazırlıqsız oxucunun nəzərinə məhz bu əsərin – şərq sufiliyinin əlifbası sayılan həmin bu «Zübdət»in təqdim edilməsi, istər nəzəri, istərsə də praktiki baxımdan ən düzgün addım olub. Yəni Nəsəfini bilmədən, Qəzalini, yaxud Ərəbini, yaxud Fərabini anlamaq – əlifbanı bilməyən adama şer oxutdurmaq kimi, əbəs bir işdi.
Ümumiyyətlə sufi mətnləri ilə işləməyə başladığım gündən, ətrafımda baş verən mistik hadisələrdən danışmağa başlasam, bu xeyli vaxt aparacaq. Bu barədə, inşallah, Natiqə yazmağı söz vermişəm. Lakin, indi nə demək istəyirəm. Sufiliyin, bayaq dediyim kontekstdə, yəni insanlığı tərk-dünyalığa, zahidliyə, dərvişliyə səsləyən zərərli fəlsəfi yön kimi təqdim olunması, bu sahəni bu səviyyədə təqdim edənlər üçün böyük günahdı. Quranda deyilən kimi: «Qiyamət Günü cəzanın ən ağırını - həqiqəti bilməyə can atmayan alim çəkəcək...»
Sufi təriqəti insana – əslində qadir olduğu misilsiz qüdrətindən xəbər verən, onu, bayaq dediyim, həmin o daxili çaşqınlıqlardan və anlaşılmaz sıxıntılardan qurtaran, bu dünyanın qondarma çərçivələrindən və qandallarından azad edən, böyük Mövcudluğun mahiyyətini və məqsədini açıqlayan, ümumilikdə bütün insanlıq üçün endirilmiş ən zəruri ilahi mənbədir. Kamilliyin zirvəsinə çatan, bayaq dediyimiz həmin o Əraziyə daxil olan böyük sufilərin - Qəzalinin, Ərəbinin və digərlərinin tənhalığa, zahidliyə çəkilməsi isə, sufiliyin insanlığa göstərdiyi nümunə yox, bu seçilmiş insanların, İlahiyə qovuşma nisgilindən doğan zəruri ehtiyaclarıdır.

Комментариев нет:

Отправить комментарий