Azadlıq qəzeti
21 iyul. 1998
«Ədəbiyyat hadisələrin yox, hisslərin süjetidi…»
Müsahibimiz - yazıçı Afaq Məsuddur
- Afaq xanım, Sizə elə gəlmir ki, öz əsərlərinizlə artıq çoxdannan Azərbaycan ədəbiyyatında qəbul olunmuş çərçivələri dağıtmısız?
- Mən heç vaxt nəyinsə dağıdılmasının tərəfdarı olmamışam. Üstəlik də, ədəbiyyatda. Dediyiniz «dağıdıcı» proses, ola bilsin, Azərbaycan ədəbiyyatının çərçivələrinin dağıdılması yox, mənim əsərlərimin, uzun illərdən bəri ədəbiyyatımızın milli, ənənəvi, ictimai-etik normalarına sığmayan yad bir ovqatda yazılmasından alınan təsirdi. Ola bilər, bu ovqat, siz deyən kimi, dağıdıcıdı. İstənilən halda azadlığın müxtəlif formalarda dağıdıcı nəticələri olur. Mənim əsərlərimin dağıdıcı qüvvəsi, olsun ki, mətnlərin canında duyulan azadlıq havasından irəli gəlir. Əslində buna ədəbi qayə də demək olmaz. «Qəza» hekayəsinin qəhrəmanının – cavan bir qadının gecədən xeyli keçmiş evə hələ də gəlib çıxmayan ərini gözləyərkən, küçədən eşidilən pişik miyoltularına: «…elə bil pişikləri zorlayan əriydi…» reaksiyası Azərbaycan ədəbiyyatına xas deyil.
Lakin, məncə, ədəbiyyat - hadisələrin yox, hisslərin süjetidi…
- Ölkədə baş verən hər hansı mühüm hadisə, əsasən, siyasi dəyişikliklər, o andaca yaradıcılığınızda özünə yer tapır. Bunu bir növ baş verən hadisələrə bir yazıçı prizmasından verdiyiniz qiymət kimi başa düşmək olarmı? Söhbət «Azadlıq» romanından gedir…
- Bunu «yazıçı prizmasından verilən qiymət» kimi də başa düşmək olar. Amma əslində «Azadlıq» - son illər ölkəmizdə baş verən siyasi-ictimayi proseslərə reaksiya kimi yaranmayıb. Mən, sadəcə, qədim tarixi və sanballı mədəniyyəti və ənənələri olan bir millətin, uzun-uzadı tarixi mərhələlər və «tərəqqilər» dalğasından ötüşüb, yenə həmin «Nehrəm kəndinin sakinləri» olaraq qalmaları barədə yazmaq istədim, əvəzində bu alındı.
Bu əsərin nəşrindən sonra inciyib küsənlər çox oldu. Çox adam burda özünü və az qala sitayiş etdiyi milli liderini gördü və olduğu kimi yazılan həqiqətlərdən incidi. Mənə bu, qəribə gəlir. Yaradıcılığımın, başdan-başa avtobioqrafik sənədli material olması, ən gizli və qadağa məqamların, qadına xas olmayan, səxavət dolu səmimiyyətlə açılması, həmişə oxucularımda mənə və əsərlərimə dərin rəğbət hissi oyadıb. Amma həmin bu səmimiyyətin ünvanının azca dəyişməsi nədənsə elə həmin oxucuları qəzəbləndirir. Burda ortaya bir sual çıxır: ədəbiyyatda qadağa varmı?.. Və bu qadağaları kim müəyyən edib?
- Gəlin, bir az geriyə dönək. 1993-cü ilin yağışlı bir payız günü, gərək ki, Elmlər Akademiyası Rəyasət Heyətinin binasında prezidentin ziyalılarla görüşü təşkil olunmuşdu. Ertəsi gün bu barədə qəzetdə bir məqaləniz dərc edildi. Yadımdadı ki, Siz o görüşü yarımçıq tərk etmişdiz, əksəriyyətini tanınmış akademiklər, xalq şairləri və xalq yazıçıları təşkil edən o görüşdən faydalanmalı bir şey görməmişdiz yəqin. Aradan 5 il keçib. Səbəbini indi bilmək olarmı?
- Həmin o görüşdən mən ona görə yarımçıq çıxmışdım ki, orda, heç vaxt, heç bir yerdə hiss eləmədiyim dəhşətli bir sıxıntı hiss eləmişdim… Görüş boyu kürsüyə çıxıb rəngləri ağara-ağara, tər tökə-tökə, yeni seçilmiş prezidentə yarınmağa çalışan, onu tərifləməkdən əzilib kiçilən akademiklərin sayı get-gedə artdıqca yadımdadı ki, mənim gözüm qaralırdı… Qəribəydi ki, danışanlar kürsünü tərk edəndən sonra nəyə görəsə keçib mənim arxamda, böyürlərimdə əyləşirdilər, elə bil məni də özlərinə qatmaq, yaxud əksinə, mənə oxşamaq istəyirdilər… Yə bəlkə onda bu mənə elə gəlmişdi?!.
Bir qədər sonra mən səhnədən aşağı sıralara yayılan məmnun nəzərlərin məni əzdiyini, sıxışdırıb darıxdırdığını hiss etdim. Bir də onu hiss elədim ki, boğuluram… ayağa qalxıb, dörd bir yandan təəccübdən bərəlmiş gözlərin müşayiəti altında qapıya yönəldim, qarovulunun maneələrini birtəhər dəf edərək küçəyə çıxdım. Yadımdadı, İstiqlaliyyət küçəsində yolu bağlamışdılar, mənisə ağlamaq tutmuşdu… Heç kim heç nə deməsə də, elə bil təhqir olunmuşdum. Yadımdadı, hava tutqun idi. Üzbəüz səkidə, əllərində təzə qəzetlər, çörək, süd yığılmış torbalar, külək baş-gözlərini qarışdıran «Nehrəm kəndinin sakinləri» dayanmışdı. Onlar, üzlərində işıq iclasın sonunu gözləyirdilər.
Mən o işığın mənasını bir qədər sonra, maşın tapmaq üçün İstiqlaliyyət küçəsiylə bir xeyli aşağı düşəndən sonra başa düşdüm. Bu, yenicə seçilmiş prezidentə və ziyalılara olan növbəti ümid işartıları idi…
- Keçmiş prezidenti azadlıq fanatı kimi təsvir edirsiz. Onu daha çox ideoloq kimi göstərirsiz. Onun xalqın azadlığı uğrunda mübarizəsini bir növ onun daimi daxili ehtiyacı kimi təsvir edirsiz.
- Məgər bu belə deyil?.. Sizi bilmirəm, şəxsən mənim «Azadlıq»dakı keçmiş prezidentə böyük simpatiyam var. Özünü mala, pula, karyeraya, intiqama və daha çirkin nələrəsə yox, gözlə görünməyən, ələ gəlməyən ideyaya həsr edən bir insanın, özü də bu cür qəribə, anlaşılmaz mülayim bir adamın obrazının yaradılmasında Azərbaycan ədəbiyyatının çərçivələrinə və normativlərinə xələl gətirən elə bir ciddi şey görmürəm.
- Roman Millət Atasının paytaxt qayıdışıyla tamamlanır. Əgər romanın əvvəli yüngül ironiyayla oxunursa, sonda sanki havadan daş asılır. Hələ təyyarə səmada ikən Atanın zəhmi yerdəkiləri basır. Fanat ideoloq və qəzəbli praktik – hansının Azadlığı bu millətə daha çox lazımdır?
- Əslinə qalsa, fikrimcə, azadlıq deyilən məfhum bu gün hələ ki, bizə lazım deyil. Bu gün, bu vəziyyətdə, qarnı ac, ayağıyalın, savadsız bir millətə azadlıq vermək – millətin azadlıq qoynunda acından qırılmasından savayı ayrı bir şeyə gətirib çıxarmaz. Romanda söhbət, sözün böyük mənasında azadlıqdan – insanın daxili azadlığından gedir. Bu gün millətimizə hava və su kimi lazım olan bir şey varsa, o da maddi rahatlıq, siyasi sabitlikdi. Dediyiniz o azadlıq arzularına hələ çox var.
-Yazıçılar Birliyinin qurultayından az sonra «Dahi» hekayəniz çap olundu. Əsərdə təsvir olunur ki, prezident yazıçıların qurultayı ərəfəsində müxalifəti açıq-aşkar dəstəkləyən şairə ev verir, üstəlik onun şeirindən bir bənd söyləyir. Nə məqsədlə? Sonra Ağsaqqallar Şurasının üzvlərinə ev paylayır, bu dəfə də ağsaqqalların poeziyasından bir beyt şeir söyləyir. Ertəsi gün cavanlara ev verir və yenə onlardan şeir deyir, ən nəhayət, qurultay günü birliyin bütün 556 üzvünə ev verilməsi barədə sərəncam imzalayır… «Dahi» haqda öz fikrinizi bilmək maraqlı olardı…
- Bu halda dahilik prezidentin naməlum, sehrli, dumanlı bir nöqtədə ola-ola, zahirən qurultayın işində yaxından iştirak etməsi, jestlərinin, qəfil səxavətinin bu miskin yazarlar ordusunun hesablamalarına heç cür sığmaması, həmişə olduğu kimi, öz əbədi tapmacalığında qalmasıdı.
Yazı üslubuna, ədəbi yönümünə və səviyyəsinə görə ədəbiyyatın müxtəlif ərazilərində yaşayan müxtəlif ədəbi zümrələrə, bəlkə də qəsdli şəkildə bərabərləşdirici qiymət vermək, hamıya eyni səxavətlə yanaşmaq, bir vaxtlar pərəstiş etdiyi ədəbiyyatın bu günkü «ütük» davamçılarından, onların əbədi ac baxışlarından bu cür dahiyanə bir əməliyyatla canını qurtarmaq, bir sözlə ədəbiyyatı bu cür konkret həll etmək böyük istedad tələb edir.
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:11
Комментариев нет:
Отправить комментарий