«525 – ci qəzet»
1 dekabr 2007-ci il
Dördüncü ölçünün rəngi
Əməkdar İncəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadənin, görkəmli teatr recissoru, xalq artisti Tofiq Kazımovun 85 illiyinə hazırladığı sənətkarın həyat və yaradıcılığından bəhs edən, rejissorun şəxsiyyətinə və yaradıcılığına yaxından bələd olan tanınmış şəxslərin fikirlərinin də yer aldığı «Dördüncü ölçünün rəngi» kitabı artıq çapa hazırdır və bu günlərdə işıq üzü görəcək. T.Kazımov haqqında yazılmış bu dolğun və əhatəli kitabın «Sorğu-xatirə» bölümündən, yazıçı Afaq Məsudla müsahibəni oxucularımıza təqdim edir ki, milli teatr tariximizə öz imzasını qoymuş bu böyük sənətkarın yaradıcılığına bundan sonra da dəyərli tədqiqat əsərlərinin ünvanlanacağına əminik.
Fizuli demişdi ki, hər aşiqin öz zamanı var. Tofiq Kazımov zamanı necə müəyyənləşdirdi? Yəni Tofiq Kazımov yaradıcılığa hansı zamanda başladı?
Tofiq Kazımovu mən ilk növbədə, 60 – 70 – ci illərin, sənət və ədəbiyyat aıəminə çökdürdüyü ağır akademik havalı, darısqal mühitində, sərhəd və çərçivə tanımayan istedadıyla, qıcıq və əsəb dolu sənət yolunu yaşayan işıqlı bir insan kimi xatırlayıram.
Özünəməxsus ifadə imkanlarının sıxışdırılıb ənənəvi teatr qəliblərinə salınması meylləri, çox vaxt ürəyincə olmayan, ruhuna, dünya və sənət duyumuna yad əsərlərə quruluş vermək məcburiyyəti ilə üz – üzə qalması, səhnəni, sözün dinamikasını az qala dərisiylə hiss edən bu rejissoru daim sıxıntı və gərginlik içində saxlayır, yaşadığı dövrdən irəlidə düşünmək qabiliyyəti, onsuz da asan olmayan sənət yolunda arzuolunmaz əngəllərə çevrilirdi . Tofiq müəllimin, səhnə həyatında və eləcə ictimayi həyatda da qarşılaşdığı çətinlikləri mənə, onun atamla yaxın dostluq münasibətlərindən, bu münasibətlər zəmnində görüşlərimiz zamanı - tamaşaya qoyduğu əsərlərin premyeralarında, yaxud Tofiq müəllim bizim evdə qonaq olarkən, bəlli olurdu. Üzündəki anlaşılmaz çaşqınlıq və pərtlik ifadələri, çox vaxt həmsöhbətlərini, üzlərinə baxmadan, sanki fikri hardasa ayrı yerdə imiş kimi, dinləməsi, yaxud ümumiyyətlə danışmadan, dinmədən, gözlərinin dərinliyinə hopan izaholunmaz acı nisgillə uzun – uzadı fikrə dalması, bu sevimli insanın, səbəbi o vaxtlar mənə məlum olmayan əbədi narahatlığından, bu narahatlığın artıq onun xroniki halına, təbii, gündəlik ovqatına çevrilməsindən, canına yeriməsindən xəbər verirdi. Tofiq Kazımovun zaman gərginliyi qəribədi ki, onun vücudunda da – həmin o cod, duyğusuz illərin müqavimətini yarmaqdan sivrilən təki, nazilmiş üz cizgilərində də, iti yerişində, sayıq ovçu baxışlarında da duyulurdu… O dövrlər Tofiq müəllimin bu narahatlığının səbəbinin nə olduğunu mən öz yeniyetmə təfəkkürümlə heç cür müəyyənləşdirə bilsmirdimsə də, tamaşalarına heyran qaldığım bu unikal insana nə iləsə, necəsə kömək edə bilmədiyimdən üzülürdümsə də, öz uşaq fəhmimlə, ona üzüntü və iztirab verənin - fərdi, yaxud şəxsi yox, nə isə daha genişmiqyaslı və güclü olan Nəisə olduğunu və Tofiq müəllimin həmin o böyük və güclü olana Nəisəyə heç cür qalib gələ bilmədiyini necəsə duyurdum… Sonralar isə, bu böyük və basılmaz olan o Nəisənin – Tofiq müəllimin, taleyin hansısa acı hökmüylə rastlaşdığı Zamanı olduğunu anlamışdım və vaxtı ilə onu əzən, bənzərsiz işlərinin kənarında öz kobud, yersiz düzəlişlərini, əlavələrini edib dərkənarını qoyan həmin o Zamanla özüm üzləşdikcə, bu incəduyğulu, istedadlı adamın əzablarını öz dərimdə hiss etmişdim…
Azərbaycan teatr tarixinin bir nömrəli rejissoru bildiyim və mənim üçün (elə bilirəm, bütövlükdə teatr tariximiz üçün də) bu günəcən həmin o statusunu qoruyub saxlayan Tofiq Kazımov zamanı belə müəyyənləşdirmişdi. Zaman – Tofiq Kazımovu öz darısqal qəliblərinə salmaqda, Tofiq müəllim də bu qəliblərdən sivişib həmin o məhrumiyyətlər və məcburiyyətlər cədvəlinin tikanlı qanunları arasıyla öz işini körməkdə idilər...
İndi «Zaman» adlandırdığımız o dövr artıq geridə qalıb. Tofiq Kazımovun quruluş verdiyi parlaq əsərləri isə, bu günkü teatrlarımızdan hələ də çox – çox irəlidədi...
Sizcə Tofiq Kazımovun zamanla münasibətləri necə idi? Zaman ona, yoxsa, o zamana təsir edirdi?
Sözsüz ki, Tofq Kazımov zamana daha çox təsir edə bilirdi. Buna onun gücü çatırdı. Zaman öz yoğun kəndirləriylə, iti qayçılaryıla onun səhnə həyatına öz dağıdıcı müdaxilələrini edirdisə də, fikir və duyğu azadlığını hər vəchlə qoruyub saxlamağı bacaran bu qətiyyətli insanı yolundan döndərə, aldadıb azdıra bilmirdi. Bütün müqavimətlərə və təzyiqlərə baxmayaraq, həmin illər recissor, ölkənin saxta, qondarma ideoloji ehkamlar üzərində qurulmuş sünilik və pafos havalı teatr həyatında əsaslı dönüş yarada bilmişdi. Uzun illərdən bəri qəbul olunmuş ibtidai teatr təsəvvürünü kökündən laxlatmış, səhnəmizə tamamilə ayrı – azadlıq, səmimiyyət və çılpaq həqiqətlər dolu tamamilə yeni bir hava gətirmişdi... Rejissorun «Ölülər», «Pəri cadu», «Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər» və digər tamaşalarıının o illər ölkənin mənəvi həyatında nələrisə kökündən dəyişməsi göz qabağında idi. O illər cəmiyyətin fikir və duyğu ərazisində, insanların bəlkə də özlərnə də bəlli olmayan ən gizli, mübhəm nöqtələri oyanmağa başlamışdı... Bu, əsil inqilab idi.
Rejissorun hər tamaşası, yadıma gəlir bizim evdə, elə ictimayi mühitdə də, partlayış asossassiyasına bənzər, möhtəşəm bir hadisəyə çevrilirdi, aylarla, bəzən illərlə öz «hadisəliyini» itirmədən bütün ölkənin nəzər – diqqətində qalırdı.
Premyera günləri, ata –anamla birgə, onun bizim üçün ayırdığı lojada – səhnənin sağ tərəfindəki baş rejissor lojasında oturub tamaşalara baxmağımız, fasilələrdə Tofiq müəllimin, lojadan birbaşa daxil olduğumuz, bir o qədər də rahat olmayan otağında qəribə bir tələskənliklə çay içməyimiz, Tofiq müəllimin, tamaşanın həyəcanından qızaran yanaqları, səbrsiz, cəld hərəkətləri, içilmiş çayın qalığını hövsələsiz hərəkətlə, kağız dolu zibil qutusuna sıçratmaları indiki kimi gözümün qabağındadı və mən düşünürəm ki, o illərin teatr həyatı, daha doğrusu, unudulmaz Tofiq Kazımov teatrı mənə və mənim yaradıcılığıma təsirsiz ötüşməyib. O vaxtlar yadımdadı, evimizin lap yaxınlığında yerləşən Dramatik Teatr mənə hədsiz nəhəng və möhtəşəm görünürdü. O illər mən bu binaya Tofiq Kazımovun ocağı kimi baxırdım. Mən bu gün də bu binaya o gözlə baxıram, lakin əfsuslar olsun ki, artıq o ocağın istisini duymuram…
Sizcə Tofiq Kazımovün yaradıcılıq zamanı bütövlükdə nə rəngdədir?
Tofiq Kazımov əsasən bizim ədiblərin əsərləri ilə işləsə də, mən onu əslində Moris Meterlinqin, yaxud Leonid Andreyevin, yəni situassiyaları və mizanları, sözün fövqündə saxlayan psixoloji – mistik əsərlərin rejissoru hesab etmişəm. Mən bu gün də bu fikirdəyəm və düşünürəm ki, Tofiq Kazımov Azərbaycan teatr məkanında bir sıra, sözün əsil mənasında şedevrlər yaratsa da, malik olduğu daha güclü imkanlarını ifadə edə biləcəyi əsil müəlliflərini tapa bilmədi... Bu mənada, onun yaradıcılığı məndə, ziddiyyətli duyğu həyatının inikasını - ağ - qara cızıqların, nöqtələrin qarışığı asossassiyasını yaradır…
Sizə görə Tofiq Kazımovun hansı tamaşası zamanının tam inikasıdır?
Məncə hər hansı bir əsərə quruluş verərkən, o əsərin zamanla nə qədər ayaqlaşdığı Tofiq Kazımovu bir o qədər də narahat eləmirdi. Onun üçün əsas məsələ – insanın iç dünyasının, mövcudluq və həyat mistikasının, ruhi həyatının gözlənilməzliklərini, sirrlərini açmaq və bunların həmin gözlənilməz və yüksək bədii həllini tapmaq idi. Və o, bu həlli tez – tez tapırdı. Bunu mən, Tofiq müəllimin, bəzən tamaşa fasilələrində, bəzən də tamaşadan sonra, ani olaraq üzünə çıxan təvazökarlıq və utancaqlıq dolu məmnunluğundan, çox qısa sürən gizli xoşbəxtliyindən duyurdum. Qəribədi ki, səhnə kimi kütləvi sənətlə, aktyorlarla işləyən Tofiq müəllim həm də hədsiz dərəcədə utancaq idi. Düşünürəm ki, bu utancaqlıq, qəribə tələbə təvazökarlığı Tofiq müəllimin qəlb saflığından, zəngin, maraqlı, eyni zamanda fərdi və qapalı iç dünyasından xəbər verirdi.
Sizcə Tofiq Kazımovun fenomenində həlledici amil hansıdır:insani, yoxsa yaradıcılıq? Yəni insani keyfiyyətləri onun yaradıcılığını müəyyənləşdirirdi, yosa rejissorluq şəxsiyyətinə təsir edirdi?
Məncə o, ilk növbədə rejissor idi. Elə bilirəm, o, adi, gündəlik həyata da rejissor gözü ilə baxırdı və bu səbəbdən hamının, hər şeyin mahiyyətini dərhal və dəqiq tuta bilirdi. İstər sənətdə, istərsə də həyatda hər kəsin, eləcə əsərlərin də qiymətini və əsil dəyərini bilirdi. Lakin çox vaxt öz münasibətini açıq biruzə vermirdi. Xoşuna gəlməyən, ürəyinə yatmayan insanlardan sadəcə uzaqlaşırdı. Sənət həyatında isə çox vaxt bu azadlıq ona nəsib olmurdu. Bəzən o, ürəyinə yatmayan əsərlərlə, insan və ədib kimi ruhuna yad müəlliflərlə də işləmək məcburiyyətində qalırdı. Bu mənada, Tofiq müəllimin hər bir şeyə – həyatının ən müxtəlif açpektlərinə tələbkar, ayarlayıcı rejissor yanaşması hər an duyulurdu.
Bu səbəbdən, mən onun şəxsiyyətini yaradıcılığından ayırmaqda çətinlik çəkirəm.
T. Kazımovla bağlı yadınızda qalan əlamətdar hadisə, görüş, epizod?
Tofiq Kazımov atamın yaxın dostlarından idi. Atam onun rejissorluğunun, o isə, atamın fəlsəfi fikirlərinin, xüsusən Hüseyn Caviddən, Fizulidən yazdığı elmi – fəlsəfi əsərlərinin azarkeşi idi… Onları həm də qəribə bir ruh doğmalığı bağlayırdı. Söhbətləri isə təxminən belə gedirdi. Əsasən atam – öz poetik - emossional müdaxilələri ilə ucadan danışır, Tofiq müəllim isə, gözləri yol çəkə – çəkə, dinməz – söyləməz siqaretini tüstülədir, arada bir atamın coşqun mülahizələrinə öz qısa və ötəri əlavələrini edir, atam bu «ötəri» əlavələrdən təsirlənib bir azda coşur, Fizulinin qəzəllərinə, ordan qədim xalq havalarına keçir, yanıqlı səsi evimizin bütün otaqlarına yayılır, məclis gecədən keçənə qədər, bəzən lap sübhəcən uzanırdı… Tofiq müəllim, rəhmətlik Xudu Məmmədov demək olar, hər şənbə bizdə qonaq olur, anamın xüsusi məharətlə hazırladığı Bakı düşbərərəsindən, qutabdan yeyə – yeyə, uzun – uzadı söhbət edir, çox vaxt söhbətləri qəribə, qəmgin ovqatla bitir, gecədən keçəndən sonra ayağa qalxsalar da, bir müddət qapının ağzında ləngiyib hansı mövzunusa axıra çatdırır və bir – birindən, bir daha görüşməyəcəklər kimi, kədərlə ayrılırdılar… Onların oturduğu qonaq otağının qapısı bağlı olurdu deyə, söhbətlərinin çoxunu eşidə bilmirdik. Tək bircə dəfə, süfrəyə nə isə apararkən, atamın xüsusi bir avazla Səməd Mənsurun məşhur «Rəngdir» şerini deməyi, Tofiq müəllimlə Xudu Məmmədovun, şerin təsirindən sehr dolu qəribə bir çəkisizliyə düşməkləri gözümün qabağındadı... Səməd Mənsurun, riya və saxtalıq dolu mahiyyətini gördüyü «dünya həqiqətləri» ilə heç cür barışa bilməməsinin və bu mübarizədə yalnız uduzmuş halda meydanı tərk etmək məcburiyyəti ilə üz –üzə qalmasının ağrısı, onda Tofiq müəllimə də, atama da, Xudu müəllimə də yaxşı tanış idi və bu mənzərə mənim yadımda, bu üç böyük ziyalının, darısqal dustaqxana həyatını andıran iç dünyalarının bir görüntüsü kimi qalıb...
T. Kazımov – dünyanın bənzərsiz istedadlarından biri kimi öz həyatını yaşayıb getsə də, sənəti ilə, Azərbaycan teatrı tarixində öz məktəbini – Tofiq Kazımov məktəbini yaratdı. Əslində bu, acı ağrılar dolu ikrah və iztehzayla «Rəngdir, gördüyün bu dürlü aləm…» - deyən Səməd Mənsurun, uzun illərdən bəri ədəbiyyatımızı və səhnələrimizi bürüyən riya və saxtalıqdan – süni insan münasibətlərindən, qondarma «həyat faciələrindən», pafosdan savayı heç nəyi olmayan təntənəli dialoqlardan Böyük Qurtuluşunun məntiqi və təbii davamı idi... Tofiq Kazımov müvəqqəti də olsa, bu saxtalıq dənizinin keçilməz dalğalarını yarıb, bizlər üçün, təbii ot qoxulu, namnazik, yamyaşıl cığır açmağa müvəffəq oldu... O cığır hələ də lap yaxınlıqdadı, ən yaxın keçmişimizdə, həm də hələ lap irəlilərdədi…
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:05
Комментариев нет:
Отправить комментарий