A.MƏSUD
***ATABƏY
Ağır beton nəmi, insan və avtomobil səsləriylə tüstülənən şəhərin mənasız, məzmunsuz qayğılarından, şəhər həyatının içiboş işgüzarlığından müvəqqəti də olsa can qurtarıb harasa uzaqlara – Azərbaycanın sakit, adamsız yerlərinə - təkliyə, tənhalığa çəkilmək niyyətim axır ki, baş tutdu. Uzun götür-qoydan və soraqlaşmalardan sonra nəhayət ki, Gədəbəyin 20 km-liyində, Kiçik Qafqaz sıra dağlarının döşü boyu şimala doğru uzanan bir-birindən gözəl Şəmkir kəndlərindən birinə – Atabəyə gəlib çıxdıq. Adının qarşısına «böyük» sözü əlavə olunsa da, Atabəy ərazi etibarı ilə Bakının orta prospektləri həcmində, cəmi 110 evdən ibarət yamyaşıl, sakit bir kənddi. Saysız-hesabsız bulaqları, dəqiqədə bir dəyişən iqlimi, bir də nəyi iləsə də mənə, uzaq uşaqlıq illərinin yay ayları atamla birgə istirahətə getdiyim baba yurdum Sisyanı, dağ döşünün sıx gilənarlığında bitən sıldırımlı Ağdünü xatırladan bu kənddə adətən kənd yerlərində duyduğum məişət narahatlığını, diskomfortu duymadım. Əksinə, bu vaxta qədər məndə yaşadığından xəbərsiz olduğum uzaq, ecazkar xatirələrə toxundum...
Atabəy – dünyanın zəhərli sivilizasiyasından kənar bir ərazidə - insan ruhuna, şüurun anlamaq, dərk etmək iqtidarında olmadığı möhtəşəm xəbərlər dalğası ilə toxunan küləklərin uğuldadığı unikal bir məkanda yerləşir. Burda istənilən dağın zirvəsindən dörd bir yana göz işləyən dumanlı sonsuzluğa qədər dağ silsilələri uzanır. Bu möhtəşəm dağ dalğalarına zilləndikcə bu ərazinin, dairəsi hardasa qapanan, sona yetən Yer kürəsində yox, hardasa ayrı bir məkanda - Kainatın hansısa sərhədsiz, sonsuz kəsiyində yerləşdiyini anlayırsan.
Atabəydə nə qaz, nə kanalizasiya, nə də su xətti var. Kəndin onsuz da daş-kəsək yolları dağ yüksəkliklərindən ilaşırı kükrəyib daşan güclü sel axıntılarından darmadağındır. Qış ayları isə, güclü qar yağıntıları mövsümündə burdan Şəmkirə, Gəncəyə işləyən tək-tük avtobusların da yolu bağlanır. Burda insanlar təxminən ibtidai icma quruluşunun həyat normaları ilə yaşayır. Soyuq qış aylarına yaydan tədarük görür, mal-qara üçün ot biçir, sobanı qalamaqdan ötrü odun doğrayır, təzək qurudurlar və bütün bu narahatsızlıqdan qətiyyən üzülmürlər, kəndin bir başından o biri başına vedrə-vedrə daşıdıqları suyun əziyyətindən gileylənmirlər. Burda əziyyət, narahatlıq insanların həyat normalarına çevrilib. Burda bütün növ əziyyətlər qəribədi ki, elə bil bu kəndin camaatına təskinlik gətirir. Onlar sübhün ala-qaranlığında yuxudan qalxır, hansısa eşidilməz musiqinin, ya avazın izi ilə məmnun çöhrələrlə mal-qaralarını eşiyə çıxarıb naxıra qoşur, sonra həmin məmnunluqla gün boyu gördüyü işlərini görməyə girişir, hava qaralanda həmin məmnun, dinməz çöhrələrlə evlərinə qayıdır, tövlədə, hində səliqə ilə böyür-böyürə yığılıb mürgü vurmağa hazırlaşan mal-qaraları, toyuq-cücələri ilə bir yuxuya gedirlər. Burda əsəbi, yaxud, səbrsiz adam görmək olmaz. İnsanlar çox az danışır, əsasən işləyir və susurlar.
İlk günlər bu kəndin məmnun rahatlığının nədən olduğunu anlamasam da, bir qədərdən sonra mən də bu sirli kənddə qəribə bir çəkisizlik vəziyyətinə düşdüm. Özümlə şəhərdən gətirib gəldiyim yarımçıq yazılar, kitablar, ev yiyəsinin mənim üçün ayırdığı xüsusi stolun üstündə, eləcə gətirib gəldiyim vəziyyətində qaldı. Şəhərdə mənə maraqlı və cazibədar görünən mətnlər əhəmiyyətini, dəyərini itirib əhəmiyyətsiz söz yığınına bənzəməyə başladı...
Əvvəl-əvvəl bu vəziyyətimin, uzun illərin fasiləsiz, gərgin yorğunluğu ilə bağlayır, yuxum gəldikcə yatır, saatlarla dinib-danışmadan, darıxmadan, qaldığım evin həyətindən açılan əsrarəngiz səma və dağ mənzərələrinə zillənib qalır, bununla kifayətlənir, beləcə qəribə bir məmnunluqla günlərimi başa vura-vura bu qayğısız, sinirsiz halımın əvvəl-axır dəyişəcəyini gözləyirdim...
Günlərin bir günü isə, məni bu sayaq dilsiz-ağızsız, sinirsiz-şüursuz bitki vəziyyətinə salan, cəmləmək istədiyim fikirlərimi yüngül toz zərrəcikləri kimi havada seyrələdən səbəbin sadəcə yorğunluq yox, müqəddəs yerlərdə – ziyarətgahlarda, pirlərdə fikirlərimi toplamağa, gəlişimin niyyətini dəqiqləşdirməyə imkan verməyən Nə İsə - görünməz ilahi işıq, şüa... yaxud olsun ki, hansısa yeni növ ecazkar informasiya dalğası olduğunu axır ki, anladım...
Dağlara gedəcəyimi düşündükcə, hələ şəhərdə ikən nə isə qeyri-adi, burda yalnız ara-sıra, hansısa ani təsadüflərlə duyduğum ilahi təmaslara bu əlçatmaz yüksəkliklərdə toxunacağıma əmin idim. Elə də oldu. Düşündüyüm o təmasları mən, zənn etdiyim kimi, tək bir zirvələrin, az qala buludlara dirənən yüksəkliklərində yox, həm də bu yüksəkliklərdən bir qədər aşağıda – kəndin dağ döşünə yayılan hissəsində yurd salmış insanlarda da tapdım...
ƏSMAYƏ
Əsmayə Göyçə qaçqınıdı, əri Musa kişi ilə – zahirən məşhur ingilis diplomatı Uinston Çörçili xatırladan ucaboy, kürəkli adamla birgə Atabəyin dağlara aparan yoxuşunda – hər tərəfindən müxtəlif dağ mənzərələri açılan nağılvari bir ərazidə yaşayır. Axşamlar onları həyətin yoxuşunda, işlərini başa vurub, cırcırama səslərinin içində məmnun üzlərlə dinməz-söyləməz yanaşı oturan görmək olar. Belə axşamlar bu zəhmətkeş, müdrik ər-arvadı uzaqdan-uzağa seyr etdikcə, kəndin axşamlarını gətirib, səhərlərini açanların məhz onlar olduğundan şübhələnməyə bilmirsən.
Yaşı 60-ı haqlasa da, üst-üstdən geydiyi qalın paltarları Əsmayənin bədən cizgilərinin incəliyini itirə bilmir. Onun üzü də gənc qadın üzünün təravətini saxlayıb. Dərisi çəhrayı və şümaldır, gözləri isə... Günün, ya səhər-axşam bardaş üstə çörək yapdığı təndirin istisindən, ya yuxusunu ərşə çəkən Göyçənin həsrətindən daim qan çəkmiş kimi, qıpqırmızı, bəbəkləri - indicə ağlamış kimi suludur.
- Bax, bu darısqal evi başıbatmış ermənilərdən aldıq. Göyçədə isə bizim qarajımız elə bu ev boyda idi. Evimiz isə... O evi mənnən Musa tikmişdik...
Ovuclarını açıb göstərir. Ovuclarının qabarları qabardan çox, çəhrayı ayaqdaşını xatırladır.
– Hələ bax bir... – ardını gətirə bilmir, doluxsunub ağlamağını görməyim deyə, üzünü yana çevirir, harasa dağlara, dağlardan da uzaqlara - ilğımlar sayrışan tutqun dumanlığa zillənir...
Ürəyini ovutmaq üçün:
- Göyçə də olmasa, elə buralar da gözəldi... – deyirəm.
O isə eşitmir, üzündə ağrı dolu incik təbəssüm, gözləri uzaq dumanlıqda, Göyçə nisgili ilə qoşduğu bayatılarından deyir. Bu cavan üzlü gözəl qadına baxdıqca boğazımı qəhər tutur. O isə ağlamır, gözü dumanlıqda, asta-asta deyir:
Əzizim Göyçə məndə
Göy göldə, göy çəməndə
Ələsgəri səslədim,
Hay verdi Göyçə: «Məndə!..»
* * *
Əzizinəm, hər aylar
Hər həftələr, hər aylar
Könlüm Vətəni istər
Dilim onu haraylar...
* * *
Əzizim vətən sarı
Köynəyim kətan sarı
Yerim yaxşı olsa da,
Meylimdi vətən sarı...
Bütün gözəlliyi, təravəti ilə Əsmayə özünü xəstə hiss edir, ömrünün hansısa yaxın məsafələrdə sona yetəcəyinə xoflu eyhamlar vurur. Bu xofu, şübhəni içində gizlində saxlayırsa da, daim məzarlıq, dünyanın vəfasızlığı, ayrı düşdüyü moruqlu, çiçəkli Göyçə dərdinin üstündən ötüşə bilmir.
Fələk məni dərd yükünnən yüklədi
Bu yükü boynumdan ata bilmirəm.
Üzərdə şadlanıb gülsəm də vallah
Ürəkdən şadlanıb gülə bilmirəm.
Cəhd elədim tay-tuşuma çatmağa
Yürüdüm-yürüdüm, çata bilmədim.
Zalım Fələk yaman kəsdi yolumu
Düşdüm bataqlığa, çıxa bilmədim.
* * *
Verdiyin dərdlərə mən necə dözüm?..
Getməyir ayağım, qırılıb dizim
Kar olub qulağım, kor olub gözüm
İşıqlı dünyanı görə bilmirəm...
Əsmayənin dərd-nisgil dolu xatirələrini, bayatılarını dinlədikcə, arada bir:
- Axı bu gözəlliyi, bu boyda işığı necə görməmək olar?.. Axı bura da Vətəndi?! – demək istəyirəmsə də, dilim gəlmir... Anlayıram ki, Vətən də insan kimidi, onu da o biri doğmalarla əvəz etmək olmur.
HƏBİBƏ
Həbibə də Göyçədəndi, Əsmayənin kiçik bacısıdı. Uca boyu, arıq, şiv bədəni, nazik boynunun ardına səliqə ilə yığdığı açıq şabalıdı, tarım saçları ilə məşhur rus balerinası Maya Plesetskayaya bənzəyir. Həbibənin öz ailəsi yoxdur, Bərdədə – qardaşı Elbrus müəllimin ailəsi ilə bir yerdə yaşayır. Yaşı 50-ni haqlasa da, o da yaşından xeyli cavan görünür, dağ zirvələrini qıvraq addımlarla dırmaşır, məzəli söhbətləriylə hamımızı güldürür. Arada bir də danışıb-danışıb muğamata keçir, kəklikotundan, bağayarpağından yığa-yığa ötüb keçən cavanlıqdan, vəfasız dünyadan yanıqlı beytlər oxuyur, oxuyub-oxuyub hərdən bir «gitaranın» müdaxiləsini də burnunun içində dınqıldatmağı unutmur.
Qürbət eldə xəstə düşüb yatıram
Mənim dərdim bilən yoxdu, ay ana...
Gündən-günə xarab olur əhvalım
Az qalıbdır gənc ömrümə ay ana
Bu ellərdən o elə çoxdur ara,
Yüz dərdli olmuşam mən, bəxtiqara
Bu xəstə ürəyim dönür qübara...
Mənim könlüm sizi istər, ay ana...
Həbibə də bacısı Əsmayə kimi, hey canını üzən xəstəliyindən şikayətlənir:
- ... Belə elə bil nəfəsim çatmır... Danışmağa heyim yoxdu... Elə bil ürəyim gedəcək... – deyib ağarmış bənizini yana çevirir.
Atabəydə qaldığım müddətdə ha çalışdım Həbibənin xəstəliyinin axır ki, nə olduğunu dəqiqləşdirəm, bir şey alınmadı. Belə məlum oldu ki, Həbibənin heç harası ağrımır, özünü zəif, halsız hiss edir. Bir az da dərinə gedəndə, nə vaxtsa hansı müəssisədəsə birgə işlədiyi, sonradan-sonraya, hardasa görüşdüyü bir rus qadınının onun bu pəjmürdəliyi ilə bağlı dediyi məşhur «aforizmi» xatırlayır:
- ... Ax-tuxumnan zinhara gəlib: «Sluşiy, u tebə muj est?» - dedi. Dedim: «Net». «A deti est?» - dedi, dedim: «Net». «A rabota est?» dedi, dedim: «Net». Onda arvad belə baxdı-baxdı üzümə, dedi: - «Kul başına Qabiba! Muja net, detey net, rabotı net. Znaçit jizni net!»
Hər bu «aforizimdən» sonra Həbibənin qonur gözləri qəribə xumarlıqla xumarlanır, heysiz gülüşü nəfəsini kəsə-kəsə bizə qoşulub gülməkdən uğunur...
MİNAYƏ MÜƏLLİMƏ
Minayə müəllimə Atabəy kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Neçə illərdən bəri kənd məktəbində işləsə də, savadı, dil və ədəbiyyat barədə fikirləri bizim şəhər məktəblərinin müəllimlərinin savad və səviyyəsindən müqayisəyəgəlməz dərəcədə üstündür. Ana dili və ədəbiyyatı dərsliklərinin faciəvi vəziyyətindən, tərif və tapşırıqların keyfiyyətsizliyindən və qüsurluluğundan yana-yana danışır.
- Deyirəm, bir veriliş açaydılar, Azərbaycan dili ilə bağlı. Məmnuniyyətlə onu aparardım...
Evində qonaq qaldığımız günlər Minayə müəllimənin mal-qarasına qulluq etməyini, toyuq-cücələrini qəribə cüyültülərlə yemləməyini, kartof sahəsində saatlarla başıaşağı işləməyini seyr etdikcə, bizimlə oturub saatlarla duzlu-məzəli söhbətlərə də vaxt və həvəs tapmasına baxdıqca, bu qadının böyüklüyünə, torpağa, evinə, insanlara sevgisinə pərəstiş etməmək olmur.
- Siz də burda yaşamalı olsanız, axır bir gün mal-qara saxlamaq həvəsinə düşəcəksiz. Burda belədi. İnsan nə ilə məşğul olmalı olduğunu burda yaşadıqca başa düşür... – Minayə müəllimə deyir.
Evində qaldığımız həftələr yay tətilinə təsadüf etsə də, Minayə müllimənin boş-bekar görmək mümkün olmadı. O daim nə iləsə məşğuldu. Ya evdə, ya həyətdə işləyir, gah tövləni təmizləyir, gah toyuqlara yem hazırlayır, gah pendir tutur, gah da ilahi həqiqətlərdən, Allaha sevgisindən danışıb-danışıb özü-özündən kövrəlir. Sonra da üzümə qəribə, tanış baxışlarla zillənib qəfildən qəribə səslə:
- Sizinlə danışanda niyəsə belə oluram... - deyir. – Elə ağlamağım gəlir. Siz gəlməmişdən də yuxu görmüşdüm. Gördüm qapımızın ağzına iki qonur at qəlib dayandı. Hər ikisinin də üstündə cavan igid... Bildim, nə isə olacaq. Budu siz gəlib çıxdınız...
P.S.
Zahirən kəndə bənzəyən bu Məmləkətdən, buranın bənzərsiz təbiətindən və insanlarından yazmalı, deməli çox mətləblər qalır. Kəndin məxməri axşamlarından, sualtı sükuta qərq olan ağ gecələrindən, nə vaxtdan bərisə üst-üstə yığılıb nəfəs kəsən lal dərdləriylə orda-burda yazıq-yazıq ağlaşan eşşəklərindən... Otaq boyu uça-uça adama dəyməyən qəribə, ağıllı milçəklərindən və sair və ilaxırdan...
Ən qəribəsi isə – bütün bu gözəlliklərə, qəribəliklərə qoşulub, getdikcə onların bir hissəsinə çevrilə-çevrilə, çönüb gəldiyi kimyəvi şəhərə ikrahla baxan mənim - günlərin bir günündə qəfildən, anlaşılmaz ürək sıxıntıları və gizli şövqlə, üz çevirib qaçdığım həmin o məşəqqətlər və iztirablar girdabına - şəhərə dönmək ehtiyacımdan... Bu ilahi ərazilərə – Kainat azadlığına, sonsuzluğa, İlahi işığa, şüa və dalğalara hazırlıqsızlığımın təslimindən...
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
вторник, 2 июня 2009 г.
на 04:35
Afag.Bu sätirlär mene kändimizi,istiganli.tämiz ruhlu insanlarixatirlatdi.Oxuya-oxuya,gözüm sätirlärin üstündä axdigca nä isä Ruhum sänin mänä mälum olan otaginda dogma istiganligla,sämimiyyätlä baxan,icimdä näfäsimi genidän säninlä üzbäüz oturmusdu.Sakitcä.Gözlärimdän yas sel kimi axirdi...Nailä.Almaniya.
ОтветитьУдалить