D Ə F N
(roman)
Hər bir bədbəxt hadisə – insanın
özü özünü cəzalandırmağıdır.
qədim hind fəlsəfəsindən
…Uzun-uzadı səhralıq idi... Yox, səhralıq deyildi, saç kimi orda-burda pırpızlanıb bozaran kollarla, əcaib daşlarla dolu ucsuz-bucaqsız, bomboz çöllük idi... Sağ tərəfdə deyəsən dəniz vardı... Dəniz də boz idi... Dəniz yəqin ona görə belə boz idi ki, göyün özü də ətürpədən bir bozluğun içindəydi...
Ara-sıra, buludların arasından, günün zəif şüaları çırtlayırdı, bu gözağrıdan bozluğun üstüylə gümüşü zolaq kimi, düz dənizəcən uzanırdı və elə orda da əriyib itirdi. Olsun ki, dənizin soyuğu idi, zolağın işığını canına çəkib soyuq dərinliklərinə aparırdı...
Dənizin səsi idi, ya külək idi, pırpız kolları bir-birinə çırpıb uğultu yaradan?!.. Ya bəlkə özü idi, nəfəsi təngiyə-təngiyə, ayaqları, yapışqan kimi yumşaq, nəm torpağın içinə bata-bata yeriyə-yeriyə ufulduyurdu?!.. Yenə beli ağrıyırdı, nədi?!..
Yox, ağrıyan gözləriydi, gözləri... Bəbəkləri uzun müddətdən bəri bu bozluğa baxmaqdan bozarıb rəngini itirmişdi, ağı qarasına qarışıb hər yanı anlaşılmaz, boz yuxuya bənzətməyə başlamışdı... Dizləri də torpağın nəmliyindən sızıldayırdı... əlləri də üşüyürdü... barmaqlarının ucları nə vaxtsa, lap çoxdannan donub keyimişdi... onları isitməyə cibləri yox idi... Pencəyi də yox idi ki, əllərini qoltuğuna soxub, donunu orda aça…
Bircə sintetik idman formasıydı əynində... Evdə əyninə geyinib rahat kreslosunda oturduğu, divanda uzana-uzana televizora baxdığı mavi idman forması... Bu formanı nə vaxt keçirmişdi əyninə, necə geyinmişdi, xatırlaya bilmədi... Bura gəlib çıxacağını bilib geyinmişdi, ya bəlkə onu əyninə geydiyinə görə gəlib bu yerə çıxmışdı?!.. Məlum deyildi...
İndi hara gedirdi bu kökdə?!.. Hardasa buralarda idman eləməliydi, nədi?!.. Ya bəlkə bu, axırıydı, həyatının sonuydu, yolunun qurtaracağıydı, ölmək üçün gəlib çıxmışdı bura?!.. Ya bəlkə ölüm - elə buydu, bu sonu, sərhədi bilinməyən boz çöllük idi?.. Bəlkə ömrü boyu «qara» bildiyi Ölüm əslində heç qara deyildi, elə həmin bu bozluq idi?.. Bu bozluq da öldürəcəkdi onu... hə, öldürəcəkdi... Budu artıq yavaş – yavaş nəfəsi də tutulur, dili də quruyub damağına yapışır...
İndi külək var gücünü yığıb, üzü üstə yerə yıxacaqdı onu, nəfəsini kəsə – kəsə quma basdıracaqdı, qumun altında boğub öldürəcəkdi… sonra yumşalıb, bahar yeli kimi mülayim-mülayim üstündən əsəcəkdi...
Dayanıb arxaya baxdı... Arxa yox idi... Ora da qabaq kimiydi... həmin boş bozluq… bozluğun sol tərəfiylə uzanan həmin sakit dəniz, həmin pırpız kollar...
Əyilib ayaqlarına baxdı... Ayaqları dizəcən torpağa batmışdı... Nə vaxt dərinə getmişdi, xəbəri olmamışdı. Hələ də tədricən dibə getməyindəydi...
Torpaq yavaş-yavaş, aramla onu içinə sümürürdü... Torpaq uzun illərin acı idi, onu udub doyacaqdı...
Əl-ayağı əsə-əsə kollardan yapışıb, dartınıb bir təhər kənara çıxdı... Əllərinə baxdı... Kolların tikanları ovuclarına keçmişdi, qara nöqtələr kimi barmaqlarının arasını göynədirdi... Ağrıdan, soyuqdan sızıldaya-sızıldaya, tikanları bir – bir dırnaqlarıyla çıxarmaq istədisə də, alınmadı... Dırnaqları yox idi... elə bil heç yerli-dibli olmamışdı… Onda ovuclarını ağzına salıb, tikanları dişləriylə çıxarmağa çalışdı... Dişləri də yox idi... Dişlərinin əvəzinə, damağı boyu muncuğabənzər gipgirdə, küt daşlar düzülmüşdü...
...Əlini şor suya salmalıydı. Şor su hər dərdin dərmanıydı...
...Dəniz budu burda, beşcə addımlığındaydı... Üşüyə-üşüyə dənizəcən getdi...
...Dəniz tərpənmirdi... Donmuşdu, nədi?..
Bir az da yaxınlaşanda baxıb gördü ki, heç bir dəniz yoxmuş… Dəniz bildiyi, sən demə, həmin bu çöllüyün qorxunc davamıymış… sağı, solu, bilinməyən səliqəylə asfaltlanmış ucsuz-bucaqsız, bomboz sahəymiş...
Nəydi görən bu?!.. – ürəyi sıxıla – sıxıla fikirləşdi. - Stadiondu, ya bəlkə aerodromdu?!.. Sonra nə oldusa, qəfildən özünü, bu açıq genişliyin düz mərkəzində - qarışqa kimi, toz zərrəciyi kimi balaca və köməksiz hiss elədi...
Külək burda – çöllüyün bu ən qorxunc, mərkəzi nöqtəsində necəsə ayrı cür əsirdi… Ha tərəfdənsə şahə qalxan nəhəng dalğalarla üstünə yeriyir, ona gəlib çatmamış hardasa yaxınlığında nəhəng, şəffaf divar kimi dayanıb durur, sonra dayandığı yerdəcə qəfildən, soyunulmuş paltar kimi yerə düşürdü...
...Hardan gəlib çıxmışdı bura, necə gəlmişdi, yadına sala bilmirdi... Evdən çıxdığı dəqiq yadındaydı… Evdən elə bil sübh tezdən, barmaqlarının ucunda, oğru kimi səssizcə çıxmışdı. Pilləkənləri düşəndə, yadına gəlir, qonşunun qızıyla da salamlaşmışdı... Hər dəfə o qızı görəndə bədənindən, mənasını özü də başa düşmədiyi əcaib giziltilər keçirdi... Gəncliyi düşürdü yadına, bu binaya köçməkləri düşürdü, qızın atasıyla dostluğu düşürdü yadına və ən əsas da yadına, bu qızın körpəliyi düşürdü… Onlara qonaq getməyi, körpənin, açıq bələyin içində əl-ayağını oynada-oynada gülümsər üzlə ona baxmağı… O vaxtdan bəri hər görüşdə qızın çəhrayı körpə bədənini, şumal dərisini xatırlayırdı... bu səhər də hər şeyi beləcə xatırlamışdı...
...Amma, yox, o dünən olmuşdu. Özü də onda o, idman formasında deyildi, hər gün işə geyindiyi açıq boz kostyumunda, ağ köynəyindəydi... Yadına gəlir, qızla salamlaşandan sonra başını aşağı salıb pillələri tələsik enmişdi, sonra qızın yuxarı qalxdığını görüb azca aşağı əyilərək gözünün ucuyla, onun, qısa paltarının altından görünən qıçlarına baxmışdı… sonra da birdən-birə hər şeydən iyrənmişdi... Özündən də, qızın qıçlarından da, əynindəki boz kostyumundan da, tələsə-tələsə getdiyi iş yerindən də...
…Bəs bu gün? Bu gün nə olmuşdu?!.. Evdən necə çıxmışdı?! Qapıdan, yoxsa bacadan çıxmışdı?!.. Yadına gəlmirdi… Qəribəydi... çox qəribəydi... Qətiyyən heç nə yadına gəlmirdi... Fikirləşdi ki, görən indi evləri ha yandadı, burdan çoxmu uzaqdadı?!..
...Yaxalığını qaldırıb boyun-boğazını tuta-tuta getdi… Əsas məsələ burdan – çöllüyün bu qorxunc mərkəzindən aralanmaq idi… Bir istiqamıtdə yeriyə-yeriyə, əvvəl-axır bir yerə çıxacaqdı…
İstiqaməti müəyyənləşdirmək üçün başını qaldırıb günəşi axtardısa da, görə bilmədi. Günəş göyün üzünü tutan bomboz, ütülü buludların o üzündəydi… Külək fikirlərini bir yerə toplamağa, nə isə fikirləşməyə imkan vermirdi, kolları bir-birinə vura – vura yerin qumunu göyə üfürürdü, qulaqlarına dolub uğulduya-uğulduya, onsuz da dumanlı beynini bir az da dumanlandırırdı...
…Haraydı bu, İlahi?!.. Yuxuydu, qarabasmaydı, nəydi?.. Bura hardan, necə gəlib düşmüşdü?! Ətraf getdikcə elə bil qaralmağa başlayırdı… ya bu, ona elə gəlirdi?!.. Gözləri ağrıya-ağrıya uzaq qaranlıqlara baxa-baxa, orda bircə nöqtə, ya xətt, ya balaca bir işıq ucu axtardısa da tapmadı... Döyüntüsü getdikcə zəifləyən ürəyini ovuda-ovuda fikirləşdi ki, olsun ki, yuxu görür. Sonra həmin dəqiqə də: «Yox, belə də yuxu olar?.. – fikirləşdi - …soyuqdan ilikləri də, fikirləri də donur… tozanaq yanaqlarını yandırır, gözlərini sulandırır... Bax, bu da gözünün suyu... Gözünün yaşını dilinə vurdu... Şor idi... Ağlayırdı, nədi?!.. Bayaqdan bu müsibətin içiylə gedə-gedə gözündən yaş tökürmüş demək...
...Göyün üzü qaralırdı... Axşam düşürdü, nədi?!.. Elə bil göyün üstünə aramla nəhəng, qara qapaq qoyurdular… tabutun ağzını bağlayan tək, buraların üstünü bağlayırdılar... Vahimədən dizləri əsdi… var gücüylə qışqırdı… Sonra qışqırmağından oldu, ya nədən oldusa, elə bil uzaqdan, lap uzaqdan - çöllüyün az qala qurtaracağından kimsə ona tərəf gəlməyə başladı... Ya bəlkə gələn-zad yox idi, gözünə görünürdü?!.. Bəlkə nöqtə kimi gördüyü o qaraltı - elə bu yan-yörəsindəki kollar kimi bir kol idi, külək idi, tərpədib onu adam kölgəsinə oxşadan?!..
...Yox, kimsə gəlirdi… Küləyin müqavimətini bədəniylə yara-yara, qara pal – paltarı, qara matəm bayrağı kimi yellənə-yellənə, ayaqları narın quma batıb çıxa-çıxa onun düz üstünə gəlirdi… Görən kim idi bu adam?.. Hardan gəlib düşmüşdü bura?!.. Ya bəlkə heç adam deyildi, qulyabanı idi, onu dişinə çəkib yeməyə gəlirdi?!..
...Küləyin uğultusu gah azalırdı, gah da elə güclənirdi, elə bil buraları, kol-kosuqarışıq yerin qabığından soyub aparmaq istəyirdi...
...Kölgə yaxınlaşdıqca, ürəyi pis-pis döyünməyə başlayırdı... Ürəyi olsun ki, gələnin kim olduğunu dəqiq bilirdi… Odu ki, döyünürdü… Ürəyi qorxurdu… Nədən qorxmalıydı axı?!.. Bu dəqiqə bütün bu məşəqqətin içində qorxmalı bir şey vardısa, o da bu eni-uzunu bilinməyən, ucsuz-bucaqsız, boz çöllük idi… Bu bozluğa baxa-baxa, durduğun yerdə ölmək olardı...
...Gələn - balaca oğlan uşağıydı... deyəsən oğluydu. Hə, özüdü ki, var, oğluydu...
– Sabir!..
...Oğlu deyəsən eşitmədi onu... Eşitsəydi, mütləq ya əl eləyərdi, ya da yüyürə-yüyürə üstünə qaçardı, boynuna atılardı… Hə, oğlu onu eşitmirdi. Bu uğultuda necə eşidə bilərdi axı?!.. Amma həm də, elə bil heç görmürdü onu… Yox, görməyinə görürdü... çünki düz onun üstünə gəlirdi...
– Sabir!..
...Bu dəfə oğlunun adından özü də diksindi... Fikrini bir yerə toplaya-toplaya yadına salmağa çalışdı ki, oğlunun adı Sabir idi, bəyəm?!.. Yox, decəsən ayrı cür idi axı?!.. Amma «S» hərfiylə başlamağı dəqiq yadındaydı. Sonra başının tükləri qabara-qabara, külək iliyinə işləyə-işləyə fikirləşdi ki, necə olmuşdu ki, oğlunun - aman-zaman bircə övladının adını unutmuşdu?..
...Bir müddət addım-addım ona yaxınlaşan oğlunun yerişinə baxa-baxa, vahimədən az qala boğula-boğula fikirləşdi ki, indi oğlu gəlib ona çatanda nə desin ona, adının əvəzinə nə deyib çağırsın onu, necə baxsın üzünə?!..
Sonra hardansa uzaqlardan - küləyin, tozanağın içiylə elə bil yaddaşı qayıdıb gəldi… oğlunun adı yadına düşdü… Samir idi oğlunun adı... Hə, özüdü ki, var – Samir... Sabir niyə gəlmişdi dilinə?!..
...Hardanca uzaqdan avtobus səsi eşidilirdi... Avtobus deyəsən yaxınlaşırdı buralara… ya da olsun ki, əksinə, uzaqlaşırdı?.. Başa düşmək olmurdu... Sonra lap uzaqdan – toz dumanının içiylə səssiz yuxu kimi ötüb keçən sarı avtobusu axır ki, gördü... Avtobusun tozlu pəncərəsindən görünən cavan üzünü, səliqəsiz qırxılı başını, nazik tələbə boynunu gördü... Avtobusda oturub yol gedə-gedə kitab oxuyurdu…
Yadına düşdü… Sabiri oxuyurdu... «Ah bu urus başdılar...» Oxuyurdu, oxuyurdu, sonra başını qaldırıb, getdiyi naməlum şəhərin əlvan xəyallarından böyümüş gözləriylə tozlu pəncərədən - tozanağın içindən ona elə baxırdı, elə bil şəhərə-oxumağa yox, gedər–gəlməz, qaranlıq uzaqlara yollanırdı… gözləri dolurdu... Ya bu, onun gözünə görünürdü?
...Qışqırmaq istədi, atobusu saxladıb özünü çağırmaq istədi… səsi çıxmadı... Yerimək, yüyürüb avtobusun ardınca qaçmaq istədi, ayaqları getmədi... Ayaqları dizəcən torpağa batmışdı...
Avtobusu elə bil külək aparırdı... Avtobusla bir onu da, uğuldaya-uğuldaya, sümürə-sümürə harasa uzaqlara aparırdı... Amma yox, dizəcən torpağa batan ayaqları onu yerindən tərpənməyə qoymurdu…
…Hə… onu bu bozluğun, bu yolsuz, cığırsız çöllüyün içindən çıxarsa-çıxarsa, bircə bu avtobus çıxaracaqdı... Avtobusun ardınca qaçmalıdı... – fikirləşdi… bu, həmin o avtobus idi… həftənin şənbə günləri, səhər tezdən kəndlərinin yol ayrıcında dayanıb, şəhərə gedənlərin dolmasını gözləyirdi…
Qəfildən ürəyi, avtobusda oturub kitab oxuyan o nazik boyunlu, tələbə oğlana ağrıdı... Boğazını qəhər tutdu... ağlamağı gəldi… sonra qışqırdı... Avtobusun ardınca səsi gəldikcə:
- Səi-i-d!.. - deyib qışqırdısa da, avtobus toz dumanının içinə girib elə bil orda əridi, toza qarışıb yoxa çıxdı…
...Oğlu bayaqdan bəri hələ də ona tərəf gəlirdi... Fikirləşdi ki, gör bir neçə vaxtdı oğlu ona tərəf gəlirdi, gəlib çata bilmirdi... Yerində addımlayırdı, nədi?!.. Torpağın nəmindən ağırlaşan ayaqlarını dartıb bir təhər qırağa çıxdı, ayağa qalxıb oğluna sarı getdi… Yaxınlaşdıqca, baxıb gördü, sən demə bu, oğlu deyil, anasıdı... Şabalıdı kələğayısı başında, dama-dama şalı belində, həmin becib yerişiylə ona tərəf addımlayır...
Ürəyi titrədi... «Can ana... yenə sən... Yenə sən bildin, oğlun dardadı... Yenə sən bildin, balan bu bozartının içində təmtək, gücsüz, səssiz, köməksiz qalıb... Gəl, ana, gəl, qurtar məni bu zillətdən… Apar məni evimizə... evimizi istəyirəm, ana...»
...Anası lap yaxındaydı... soyuq küləkələri yarmaqdan gümüşü rəngə çalan üzündə həyat əlaməti yox idi… gözlərinin ifadəsi dəyişmiş, burnu qəribə sivriliklə nazilib uzanmışdı... Ancaq kiminsə ölüm xəbəri anasının üzünü bu hala sala bilərdi... – ürəyi sıxıla – sıxıla fikirləşdi. Görən kimiydi ölən?!..
…Anası həmin o dəmir üzüylə gah yaxınlaşırdı, gah da elə bil uzaqlaşırdı… Sonra külək qəfildən necə əsdisə, anasını yerdən qoparıb kağız parçası kimi havaya qaldırdı… hərləyə-hərləyə, başındakı kəlağayısını şabalıdı yelkən kimi yellədə-yellədə götürüb harasa apardı...
Bir istədi qışqırıb anasını çağırsın... baxıb gördü, anası yenə ona tərəf gəlir... Küləyin apardığı, sən demə, anasının şabalıdı kələğayısıymış... Sonra anasının başına baxıb gördü, saçı yoxdu… saç əvəzinə, anasının başı sapsarı, qupquru otla doludu... əti ürpəndi, nəfəsi təngidi...
...Bir azdan anası lap yaxındaydı… başındakı da sən demə, ot yox, anasının, kəlağayının altından saçına bağladığı sarı ləçəkdi… Ləçəyin altından anasının xınalı saçları görünürdü... kədərdən qaralmış üzü iztirab və ağrı saçırdı…
– Ana... – deyib ayaq saxladısa da, anası onu eşitmədi… gəlib onun içindən keçdi… həmişəki becid yerişiylə keçib harasa üzü o tərəfə getdi...
Çönüb anasının ardınca baxdı… Anası iti addımlarla saniyəbəsaniyə ondan uzaqlaşırdı...
– Ana... - deyib çağırdısa da, bu dəfə səsi heç çıxmadı… səsi batmışdı, ya uğultu qoymadı eşidə öz səsini?.. Bir də axı hara getdi anası?.. Niyə görmədi onu? Sonra birdən başa düşdü… az qaldı dizi üstə çöküb ağlasın… hönkürüb səsi gəldikcə ulasın, ulasın...
Başa düşdü, niyə anası görmədi onu... Başa düşdü, niyə anası bayaqdan hey ona sarı gəlirdi, gəlirdi, gəlib çata bilmirdi…
Anası unutmuşdu onu… üzü anasının yadından çıxmışdı... Ya bəlkə... Başının tükü qabardı... Bəlkə ölən o idi?.. Anası həmin o gümüşü üzüylə, becid yerişiylə onu basdırmağa gedirdi?!.. Onu - on-on beş il əvvəl şəhərə, oxumağa göndərdiyi aman-zaman bircə oğlunu... Ya bəlkə şəhərə, onu axtarmağa gedirdi ki, tapıb kəndə gətirsin, aparıb həyətlərinin ortasındakı qoca tut ağacının altında basdırsın? Babası yaşında ağacı kökündən qoparıb kənara atsın, ağacın yerində onu əksin? Basdırsın, əksin və rahatlansın nəhayət. Ondan sonra qapıya gələn poçtalyona da daha hay verməsin, şəhərlə danışmaqdan ötrü mərkəzə gedib, orda poçt şöbəsində yay-qış növbəyə durmaqdan canı qurtarsın...
Sonra ürəyi ağzına gələ-gələ fikirləşdi ki, axı kim deyib anasına onun ölməyini? Kimsə qəsdən deyib… Qəsdən... onun ürəyini partlatmaqdan ötrü… qəbrini vaxtından əvvəl qazdırmaqdan ötrü... Əsəbilikdən boğula-boğula fikirləşdi ki, yuz faiz idarədəkilərin işidi... Hə, onların işidi… ayrı kim olacaqdı ki?!.. Alt mərtəbədəki isti otaqlardan selektorunun zənginə diksinənlərin, suallarına titrək quzu səsiylə cavab verənlərin, qəbuluna gələndə, qapısını üç dəfə döyüb içəri, elçiliyə gələn kimi, saxta təbəssümlə daxil olan həmin o «qayğıkeş və mehriban» insanların, qulaqlarını, döşəməsinin altından siçovul kimi, illərlə şəkləyib, onun addım səslərinin nəhayət ki, kəsiləcəyi əziz dəqiqələri gözləyənlərin işiydi...
Bunu fikirləşdikcə, hiss eləyirdi necə saçları dən-dən qalxır… dişləri böyüyür, çənəsini yarıb çölə uzanır, bədəni aramla tük basır… Diksinib əl-ayağına baxmaq istədi... nə əlini gördü, nə ayağını... bədəni də yox idi... amma hardansa görürdü hər şeyi... Hansı dəlikdən, ya arakəsmədən, daha doğrusu nəyinsə içindən, ya arxasından baxırdı və görürdü... necə anası bomboz asfaltın üstüylə getdikcə uzaqlaşır ondan… gözdən itir… onu bu qorxunc çöllüyün ortasında tək-tənha buraxıb gedir...
…Qorxudan nəfəsi kəsilə-kəsilə dayanıb durdu, sonra anasının ardınca qaçmaq istədi… amma qaça bilmədi… Çünki yox idi... heç bir gilə də qalmamışdı… bir qırıq da...
...Anası gedib-gedib nöqtə boyda oldu, sonra deyəsən yerə oturdu… ya yıxıldı?.. Sonra uzaqdan anasının yanıqlı çığırtısı eşidildi...
– Can bala!.. Anan öləydi, bu gününü görmiyəydi!.. Vay bala!..
…Hiss elədi, necə başının tükü ağardı… Anası tapmışdı onu... Orda... dünyanın o başında... tapıb dizi üstə çökmüşdü, sinəsini cıra-cıra, dizlərinə döyə-döyə ağlayırdı...
...Anasını burdan nöqtə boyda görürdü, amma səsini aydın eşidirdi... Elə eşidirdi, elə bil anası burda, lap böyründə idi… qulağına deyirdi o sözləri... sinəsinin, üzünün dərisini sivirən dırnaqlarının, ətürpədən cızıltıyla diblərindən qopan yarıağ, yarıxınalı saçlarının, dizlərini döyəcləyən əllərinin səsini aydındə yaxşı eşidirdi və… ağlayırdı... Üzünü göyə tutub:
– Bu nə müsibətdi, İlahi?! – dedi və baxıb gördü göyün altı dama-damadı..
...Anasının səsi cığırmaqdan batdı... anası indi onu xırıltılı səsiylə çağırırdı:
– Səid!.. Vay Səid!..
– Səid, ay Səid...
...Arvadı idi, başının üstündə dayanıb ona hardansa yuxarıdan baxırdı... Elə bil cərrahiyə otağındaydı, əməliyyat başa çatmışdı...
– Saat ona işləyir...
Arvadının üzü həmişəki kimi yorğun və əsəbi idi... Arvadı hələ bir müddət də başının üstə dayanıb, üstündə bayaqdan bəri təcrübə aparan mütəxəssis üzüylə ona baxdı, sonra çəkilib getdi...
Fikirləşdi ki, o nə qorxunc yer idi elə? O nə müsibətlər idi görürdü yuxuda?!. O nə bozlu idi?.. Belə fikirləşdikcə üşüdü, yorğanı boğazınacan çəkib böyrü üstə çöndü.
...Arvadı otağın qapısına çatıb deyəsən geri çöndü, indi Allah billə, gözünün yanıyla ona həmişəki qara iztehsayla baxa – baxa ağızucu gülümsünür…
Qapıya sarı çöndü… Otaqda heç kəs yox idi… Mətbəxdən, arvadının götür-qoy elədiyi boş nimçələrin səsi gəlirdi…
Gözlərinin içi, qum dolmuş kimi acışırdı… Gözlərini ova-ova fikirləşdi ki, bəlkə yuxudakı o müsibəti, o həyasız kolları, dənizə oxşatdığı o ucsuz-bucaqsız, bomboz asfaltı arvadı yeritmişdi canına?!.. Dərmanı şpritsə doldurub bədəninə yeritdiyi kimi... O, yuxuda ikən, bütün gecəni başının üstə durub beləcə gülümsəyə-gülümsəyə, gözlərindən qığılcım çıxa-çıxa üstündə qorxunc, iblisanə əməliyyatlar aparmışdı?.. Allah bilir, hələ daha nələr eləmişdi, nə oyunlar açmışdı başına?!..
Sonra arvadını, rəngbərəng tüstülərin, qorxulu məhlullar qaynayan əcaib kolbaların arasında təsəvvürünə gətirdi... başının tükləri qabara-qabara fikirləşdi ki, əgər bu dəqiqə arvadı içəri girib, həmin o qığılcım saçan gözləriylə ona baxsa, ordaca ürəyi dayanar.
Arvadı bəzən gözləmədiyi halda belə qəfil hoqqalar çıxarırdı. Heç bir məntiqi ardıcıllığı olmayan anlaqsız, əcaib hərəkətlər eləyirdi. Səssiz addımlarla yeriyib qəfildən otağın hansı küncündənsə peyda olurdu, yaxud danışdığı yerdə qəfildən harasa buxarlanırdı… Bəzi küləkli, fırtınalı gecələr isə, o dərin yuxuya qərq olub, bədəni yuxuları boyu uçunanda, arvadı, içi qovrula-qovrula nə isə pıçıldayırdı qulağına… Ha əlləşib-vuruşub yuxudan ayılmaq, arvadını eləcə pıçıldadığı yerdə, qəfildən yaxalamaq istəyirdisə də, yuxuları şirin mürəbbə bataqlığı kimi əl – ayağına yapışıb onu yerindən tərpənməyə qoymurdu, döşəyinin yumşaqlığına basıb ordan özünə sümürürdü...
Arvadının hər gecə nəfəsi kəsilə-kəsilə, tələm-tələsik qulağına pıçıldadığı sözlərin bircəciyini belə, yadında saxlaya bilmirdi...
...Əsnəyə-əsnəyə fikirləşdi ki, bəlkə gecələrlə qulağına pıçıldayan heç arvadı deyildi, hamısı, həkimi demişkən, onun uzun illərlə çalışdığı mötəbər iş yerindən qazandığı əsəb pozğunluğuydu?.. Kürəyi üstə çönüb, üzbəüz divardan asılmış saata baxdı. Əslində indi yolda olmalıydı… O isə hələ əl – üzünü də yumamışdı. Çünki bezmişdi daha... Vaxtında yataqdan qalxıb gözü saatda, əl – üzünü yumaqdan da, mətbəxə keçib, orda tələm – tələsik nə isə yeyəndən sonra işə yollanmaqdan da… sonra orda, ölüm kamerasını andıran səliqəli otağında oturub, səhər – axşam mənasız cızma – qarayla məşğul olmaqdan, sifətlərindən ürəyi bulanan adamlarla yalandan, gülümsəyə – gülümsəyə danışmaqdan da cana doymuşdu… İşə getməyib evdə qalmaq isə daha böyük faciə idi… Fikirləşdi ki, demək belə çıxır ki… Ardını fikirləşməməkdən ötrü qollarını yorğanın altından çıxarıb gücü gəldikcə gərnəşdi… gərnəşdikcə, sinəsi boyu daraqlanan qəribə, kəsici ağrılar hiss elədi… Sinirləri idi. Axır vaxtlar bütün sinirlərini – bədəni boyu şaxələnən irili-xırdalı əsəb zoğlarını bircə-bircə hiss eləyirdi... Bu zoğlar beynindən baş alıb qollarıyla üzüaşağı, sinəsindən, bədəni boyu ayaqlarınacan, çiyinlərindən əl barmaqlarının ucunacan şaxələnirdi, xırda budaqlarla ovuclarının içində naxışlanırdı... Hamısı da soğan qabığı kimi kövrək idi, çat-çat olub qopmaq ərəfəsindəydi...
Gərnəşib qurtarandan sonra, yenə ürəyi döyünə-döyünə fikirləşdi ki, gecələr qulağına pıçıldayan arvadı deyildisə, onda bəs niyə o, yuxudan - ölüm bataqlığından vurnuxub çıxan kimi çıxanda, ona o cür mənalı-mənalı baxıb gülümsünürdü?!.. Özü də hər səhər, o yuxudan tər-qan içində ayılanda, hər gecənin cəhənnəmində ölüb-ölümdən qayıdanda... O idi, məkrli ifritə kimi hər gecə qulağına pıçıldayan... Qulağı göynədi...
Barmağını qulağının dəliyinə salıb göynərtisini ovuda - ovuda fikirləşdi ki, bir gün - belə gecələrin birində arvadı qulağına eləcə pıçıldaya-pıçıldaya axır ki, azdıracaqdı onu… Həmin o qorxulu yuxularının içində azdırıb, o naməlum qaranlığa… yox-yox, o qatı bozluğa təhvil verib, özü geri qayıdacaqdı...
...Gicgahı elə lükküldəyirdi, elə bil bütün gecəni başını darısqal qabın içinə soxub yatmışdı… Odu ki, indi başı, uzun müddət kiçik ölçülü ayaqqabıgeyməkdən gizildəyən ayaq kimi göynəyirdi…
...Qalxıb yerinin içində oturdu, ayaqlarını döşəməyə sallayıb yadına, dünənki axşamı saldı... Yox, dünən içməmişdi. Yerinə də elə də gec girməmişdi. Bəs, onda niyə özünü belə əzgin, sıyıq xəmir kimi yöndəmsiz hiss eləyirdi?..
...O biri otaqdan arvadının səsi gəldi... Arvadı deyəsən nə isə soruşdu ondan, eşidə bilmədi:
Ağzını dəhlizə sarı çevirib ucadan:
– Nə dedin? – dedi.
– Qayğanaq!!! – arvadının əsəbi səsi bu dəfə şillə kimi dəydi üzünə...
... Yenə qayğanaq… yox, daha qayğanaq istəmir... nəinki qayğanaq, ümumiyyətlə yumurtanın iyini belə eşitmək isətmir. Amma bilirdi ki, «yox», desə, arvadının üzü necə dönəcəkdi, onun qanın qaraltmağa onsuz da bəhanə gəzən arvadı mətbəxdə əsəbi – əsəbi vurnuxa – vurnuxa, qab –qacağı, çəngəl – bıçağı bir – birinə vurub taqqa-turuq sala-sala, sevimli ironiyasıyla:
– Bəs siz nə istəyirsiz, Səid müəllim?.. Nə bişirək sizin üçün, ağa? – deyəcəkdi – Bəlkə xətrinizə quymaq, ya südlüplov düşüb?..
...Fikirləşdi ki, görən arvadı niyə hər səhər qayğanaq yedirdir ona?.. Bişirilməsi asandı, ya nədi?.. Ya bəlkə qəsdən gündə-gündə o ağır, yağlı zülalı yedirir ona ki, ürəyini bulandırsın, ödünü daşdırsın?.. Olsun ki, arvadı bu haqda – adamı məhv eləməyin bu yeni «zülal ölümü» üsulu haqda hardasa, nə isə oxuyub?!..
Fikirləşdi ki, adamı nəylə desən öldürmək olar... Səslə də, rənglə də, yuxuyla da, qoxuyla da… Qayğanaqla da...
Hə... qayğanaq elə-belə, səhər yeməyi deyildi... – fikirləşdi. Bu qayğanaqlara görə, bütün toyuq-cücəyə, yox, ümumiyyətlə bütün yumurtalılar sinfinə nifrət eləyirdi… Bir də qayğanaq yeyəndə yadına, hardansa hərlənib-fırlanıb kəndləri düşürdü… həyətlərindəki zir-zibilin içində eşələnən arıq, kifir toyuqları düşürdü…
...Mətbəxdə nə isə şarappıltıyla yerə dəydi… və o anladı ki, arvadı nifrət eləyir ona… Bunu, axır vaxtlar süfrə arxasında arvadıyla üzbəüz oturanda da, gecələr yataqda yanbayan uzananda da, ayrı-ayrı otaqlarda oturub bir-birinin üzünü görməyəndə də necəsə dəqiq hiss eləyirdi... Odu ki, hər gün qayğanaq yedirdirdi ona…
Arvadının nifrəti evə də çökmüşdü, bütün otaqların, əşyaların canına yerimişdi. İndi elə bil divarlardan da, əşyalardan da yumurta iyi gəlirdi... Arvadının həmin o nifrətiydi, evin hər küncündən, xəbis-xəbis yumurta iyi saça – saça ona baxırdı…
...Çarpayıyla üzbəüzdəki qədim şkafa, şkafın başından tavanacan səliqəylə, üst-üstə, qat-qat yığılan yorğan-döşəyə baxdı... Dəfələrlə yuxularında öləndə, tabut əvəzinə, həmin bu qədim şkafın içində uzandığını görürdü… Bəlkə ona görə ki, arvadı gəlin gələndən bəri burda – bu otaqda qara kabus kimi onunla üzbəüz dayana – dayana onun hər sözünü, hər hərəkətini güdən bu qədim şkaf həm uzununa, həm eninə görə ona tabutu xatırdadırdı?.. O tabutu ki, onun boyuna, bədəninə biçilmişdi?.. Fikirləşdi ki, axır günlərin bir günü, o, yuxuda olanda, bu qədim şkaf başındakıları səliqəylə bir kənara salıb, nəhəng, ağır qapılarını açacaqdı, onu yorğan - döşəyiqarışıq çəkib içinə salacaqdı... Sonra yadına, bunu bir neçə dəfə yuxuda gördüyü düşdü... Yuxuda bu qaradinməz, qorcunc cırıltıyla cırıldayıb qara əjdaha kimi tərpənmişdi, ləngər vurub bir neçə addım qabağa gəlmişdi… qapılarını taybatay açıb içinin qapqaranlıq, dərin uçurumuyla ona zillənmişdi… onda yadına gəlir, vahimədən az qalmışdı yuxudaca ürəyi dayana… Sonra həmin o qaranlıq dərinlikndən ona, gözəl ifritə sifətiylə baxıb gülümsəyən arvadından qorxmuşdu...
...Tükləri biz-biz oldu. Fikirləşdi ki, Allah özü kömək olsun ona. Axır vaxtlar bu nə əcaib yuxulardı görür?! Sonra yenə fikirləşdi ki, hamısı əsəb pozğunluğudu. O gün işdən sonra zəng vurub getdiyi əsəb həkimi də – bir suyu arvadına oxşayan, gülümsər üzlü cavan oğlan da elə demişdi ona. Dizlərini, dirsəklərini balaca, yumru çəkiciylə tıqqıldadıb nazik yeniyetmə səsiylə:
– Əsəb pozğunluğudu... – demişdi, sonra balaca, dəyirmi üzünə yaraşmayan yoğun şəhadət barmağını gözlərinin arasıyla gah uzağa, gah yaxına gətirə-gətirə, bir müddət bəbəklərinin vəziyyətini yoxlamışdı, sonra yenə həmin yeniyetmə səsiylə:
– Əsəb pozğunluğudu… – demişdi və özü kimi balaca, dəyirmi stolunun arxasına keçib orda, əlaçı şagird görkəmi ilə tələsmədən, səliqəylə resept yazmışdı, yaza-yaza başını qaldırmadan:
– Saçınız tökülür?.. – soruşmuşdu.
O da qısaca:
– Bəli... – demişdi.
– Dırnaqlarınız necə, ovulur?..
– Bəli...
– Dişləriniz necə?..
– Bəli, onlar da... tökülür, ovulur...
Həkim ayağa qalxıb resepti ona uzadanda isə, onun balaca, dəyirmi üzünün anlaşılmaz kədər ifadəsindən elə bir təşfişə düşmüşdü ki, qarşısında dizi üstə oturub, əsil dərdini ondan gizlətməməsini xahiş eləyə – eləyə, ağlaya-ağlaya ona yalvarmaqdan özünü zorla saxlamışdı. Sinirsiz balıq - həkim isə həmin o kədərli sifətiylə bir anlıq gülümsəyib, yeniyetmə səsiylə yenə:
– Əsəb pozğunluğudu... – deyib onu yola salmışdı…
...Mətbəxdən yayılan qayğanaq iyi yavaş-yavaş yataq otağına dolmağa başlayırdı... Sinəsi qaşındı. Sinəsini ikiəlli qaşıyıb ovuclarına baxdı... Barmaqlarının arasında qalan balaca, qıvrım tükləri yumurlayıb yerə atdı. Sinəsini tükü də tökülürdü... Sonra nə fikirləşdisə, yerindən sıçrayıb, yorğan-döşəyi yoxladı, görsün ki, sinəsinin tükündən ora düşəni var, ya yox... Arvadını hövsələdən çıxaran mənzərəldən biri də bu idi. Döşəyi tələm – tələsik əli ilə çırpa-çırpa fikirlədi ki, arvadıyla hələ təzə-təzə tanış olub münasibət quranda görünür avamlıq eləyib, hədsiz səmimi olub onunla. Gərək elə ilk gündən məsafə saxlayaydı aralarında. Elə olsaydı, indi hər şey bəlkə də ayrı cür olardı… Sonra fikirləşdi ki, neyləyəydi axı?!.. Günün əksər hissəsini, o hissəsi ki, işdə, cəmiyyət arasında keçirdi, özünü onsuz da sıxıb cilovlayırdı, hər sözünə, hər hərəkətlərinə hədd qoyurdu. Başqa cür mümkün də deyildi. Adam arasında özünü olduğu kimi yox, ətrafdakıların görmək istədiyi kimi aparmalıydı ki, işləri düz getsin. Bunu ona, həyatı boyu borclu olacağı Səlimov öyrətmişdi. «O yırtıcıların arasında istədiyin vaxt əsnəyib gərnəşsən, gülməyin tutanda gülsən, ağlamağın gələndə, ağlasan, onda vay sənin halına...» - Səlimov demişdi. Odu ki, dəqiq bildiyi bir şey vardısa, o da o idi ki, cəmiyyət içində vərdiş və istəklərini, tısbağa əl-ayağını içinə yığıb gizlədən kimi, özündə saxlamlı, qapısız-pəncərəsiz, gipgirdə, qalınqabıq bir vücuda dönməlisən ki, heç kim sənin ayağını, ya əlini tapıb tapdaya bilməsin və sair ilaxır. İndii belə olan halda, öz evində, bağlı qapı arxasında keçirdiyin bir-iki saatı da, əl-ayağını uzadıb rahat-rahat gərnəşib əsnəyə bilməyəcəksənsə, daha bu noldu?!.. Evdə də həmin o tarımlığa riayət etməli olsa, axır bir gün baxıb görəcək ki, içinə yığıb gizlətdiyin əl-ayağını daha içindən çıxara bilmır, harasa qabırğasının altına pərçimlənib içalatının əlavəsinə çevirməyə hazırlaşır...
Fikirləşdi ki, əslinə qalsa, indiki vəziyyəti, demək olar ki, elə elədi… İndi daha işlə evin gərginliyi arasında elə bir fərq yoxdu. Hələ əksinə, axır vaxtlar özünü onda tutmuşdu ki, bazar günləri də işə getmək üçün bəhanə gəzir. Arvadının tənə dolu baxışlarından, o biri otaqlarda ola – ola, hansısa altıncı hiss üzvü ilə hiss elədiyi qara nifrətindən qaçıb qurtulmağın yeganə əlacı bu idi. Odu ki, daha sərbəstliyin nə olan şey olduğunu çoxdannan unutmuşdu… ümumiyyətlə, sərbəst olub neyləyəcəyini başa da düşmürdü, istəsə belə, təsəvvürünə də gətirə bilmirdi. Bir də sərbəst olub, neyləyəcəkdi axı?!.. – fikirləşdi. Onsuz da daha nə bir vaxtlar elədiyi kimi - əlinə-əlinə vurub, şaqqanaq çəkib ürəkdən gülə bilirdi, nə də nədənsə təsirlənib ağlaya bilirdi... Bir sözlə, adamlıqdan çıxmışdı daha... Amma vaxtı ilə çox gülüb-ağlamışdı… odu ki, saqqalı da əldən vermişdi... – fikirləşdi. İndi onu da yaxşı bilirdi ki, insan əsasən tanıdığından, yaxın yan-yörəsindən daha tez bezir. Özü-özündən bezən kimi. Öz murdar sifətindən, heç bir məna ifadə eləməyən xırda gözlərindən, qadın burnu kimi səliqəli burnundan, nə vaxtdansa çənəsinə yapışıb, indi hər güzgüyə baxanda ürəyini bulandıran yönsüz xalından, səsindən, ağzının tamından bezən kimi.
...Amma elə bil arvadı daha çox bezmişdi ondan... Elə bezmişdi, elə bil onu öz əlləri ilə düzəltmişdi, indi sökmək istəyirdi, alınmırdı. Alınmayacaqdı da... Bu da onun gündə-gündə səhərəcən çəkib düzəltdiyi layihələr deyildi ki, xoşuna gəlməyəndə, lazımsız qəzet parçası kimi cırıb bir küncə tullayaydı.
...Bu yerə çatanda əsəbilikdən, ya nədənsə gülməyi tutdu… Üzbəüz şkafın tünd qapısına düşən pırpız başının əksinə baxdı. Saçını hamarlayıb düzəltmək istədisə də, tüklərini yatırda bilmədi. Tükləri elə bil rezindən idi, yastılatdıqca daha çox qabarırdı… Fikirləşdi ki, saçı son beş-altı ili belə olub, insan saçından çox, kukla saçına oxşayır. «Saç qəlbdən su içər, bala...» – anasının, nazik hörüyünü açıb hörə-hörə dediyi sözlər yadına düşdü… Fikirləşdi ki, görünür ürəyi rezindəndi...
Başını çarpayıdan aşağı sallayıb dəhlizdən görünən o biri otağa baxdı... Arvadı gözündə eynək, pəncərənin qabağındakı yazı stoluna dirsəklənib deyəsən yeni lahiyəsinə baxırdı... ...Arvadı bir müddət beləcə baxıb-baxıb qəfildən lahiyəni iki yerə böldü...
Ürəyinə elə bil sərin su səpdilər, içində, səbəbini özü də başa düşə bilmədiyi qəribə bir yüngüllük hiss elədi. Fikirləşdi ki, əgər arvadı, gecə-gündüz yuxusuna haram qatıb, hamının gününü qaralda-qaralda çəkib cızdığı o eybəcər layihələri cıra bilirsə, deməli hələ adamlığını tamam itirməyib.
Kürəyi ağrıdı… beli də qurumuşdu elə bil. Əlini döşəyin üstüylə gəzdirdi. Döşəyin altında elə bil nəhəng tısbağa vardı. Olsun ki, döşəyin, çoxdannan bəri açılıb çırpılmayan yunu idi, düyünlənib altına yığılmışdı. Ya da ola bilər, çarpayının taxtası əyilmişdi. Odu ki, hər gecə yuxusuna ilan-qurbağa girirdi… - yerində qurcalana – qurcalana fikirləşdi. Sonra da fikirləşdi ki, olsun ki, bu da arvadının qurğusudu, ikiyataqlı çarpayının hansı gözündə yatırdısa, o gözünün ortası düyünlənib bərkiyirdi.
O biri otaqda kimsə ağlayırdı... Deyəsən arvadı idi ağlayan. Fikirləşdi ki, arvadı yəqin ki, cırıb atdığı layihəsinə görə ağlayır və bu dəqiqə nəhayət ki, hamıdan çox, özünə nifrət eləyir.
Ayağa qalxıb dartına-dartına gərnəşə – gərnəşə fikirləşdi ki, axı niyə bu dəliylə evlnirdi?.. Qız qəhət idi, başına, nədi?.. Gərək anasının sözünə baxıb kəndlərindən bir qız alaydı, özü də adi bir işə girib başını dolandıraydı. Onda heç bir «səviyyə», heç bir «cəmiyyət rəyi» vecinə gəlməyəcəkdi. Başını aşağı salıb, adam balası kimi işləyəcəkdi, axşamlar xudmani bazarlığını eləyib evinə qayıdacaqdı, ertədən şamını bitirib, başını atıb rahatca yatacaqdı. Bu eybəcər yuxuları da görməyəcəkdi, rəngi də bu cür olmayacaqdı, olsun ki, lap yanağından qan damacaqdı. Anası da ömrü boyu bunu deyirdi. Deyirdi: «şəhər qızından arvad olmayacaq sənə, bala... nə qədər gec deyil, ağılını başına yığ, gəl, kəndin gül-çiçək kimi, bir-birindən gözəl qızlarından birini seç, evlən.» Anası elə də ehtirasla, elə yanğıyla deyirdi bunu, elə bil kəndin qızlarına öz gözü düşmüşdü. Yadına gəlir, onda anası elə deyəndə, ürəyi sıxılmışdı. Çünki o vaxtlar niyəsə ona elə gəlirdi ki, kəndlərindən qız almaq - elə anasıyla evlənmək kimi şeydi. Çünki kəndin qızları iki bölünmüş alma kimi bir-birinə, həm də anasına elə oxşayırdılar, elə bil anası doğmuşdu onları. Əyin-başlarından da anasının iyi gəlirdi. Hamısı, anası kimi yeriyirdi, anası kimi danışırdı... Onda ona elə gəlirdi, onların birini almaq - hamısıyla evlənmək kimi şeydi.
– Qayğanaq soyuyur!.. – mətbəxdən arvadının əsəbi qıyyası eşidildi.
Başına elə bil qaynar su tökdülər... Saata baxdı. Onun yarısı idi. Gecikirdi. Ayağa sıçrayıb tələm – tələsik geyinməyə, bir əliylə qalstukunu düyünləməyə, o biri əliylə köynəyini düymələməyə başladı.
Oğlu böyük otaqda dərsini yazırdı, yaza-yaza altdan-altdan ona baxırdı. Elə baxırdı, elə bil güdürdü onu...
Odu ki, böyük otağın ağzından ötəndə, qapının ağzında ayaq saxlayıb uhağa tərs – tərs baxa - baxa:
– Hə, nədi?.. – dedi.
Oğlu, əhvalı dəyişmədən, dodağının altından, eyniylə anasının səsiylə:
– Qayğanaq soyuyur... – dedi və başını aşağı salıb yazmağına davam elədi.
Oğlunun üzü də axır vaxtlar arvadına oxşamağa başlamışdı, üzünün ifadələri də… nə is əxoşuna gəlməyəndə qaşlarını, eynilə arvadı kimi qaldıra-qaldıra, gözlərini ağarda-ağarda danışırdı.
...Yenə bayaqkı yuxusu yadına düşdü... Fikirləşdi ki, qəribədi ki, oğlu dünyaya gələndə, nədənsə tələbəlik illərinin arzusu – Sabirin adını uşağa qoymağı yadına düşməmişdi. Başı şəhər həyatının bu qurama bər - bəzəyindən gicəllənmişdi nədi?!.. Ya bəlkə Sabiri unutmuşdu?.. Qayışının düyməsini axtara – axtara yadına, şairin: «Qırdıqca yorulduq və yorulduqca qırıldıq...» beyti düşdüsə də, yorğun-yorğun fikirləşdi ki, Sabiri də istəmir ürəyi daha...
– Samir, dərsini yazırsan?.. – arvadı mətbəxdən qışqırdı.
Əslində bu dəqiqə arvadının vecinə də deyildi ki, Samir dərsini yazır, ya yazmır. Bu da, gərginlik yaratmağın bir üsuludu... adamı çığıra-çığıra öldürmək... – fikirləşdi və qayışının düyməisni axır ki, bağladı… Yox, arvadı onun ölümünü istəmirdi, amma öldürmək istəyirdi onu...
Hamamxanaya girib işığı yandırdı. Güzgüdə özünə baxa-baxa fikirləşirdi ki, axır vaxtlar özü də arvadına oxşamağa başlayıb. Burun pərəkləri, alt dodağı, üzünün ifadəsi… Bu nə müsibətdi, ilahi?!.. Sonra kranı aça-aça fikirləşdi ki, ümumiyyətlə, evdə nə vardısa, axır vaxtlar arvadına oxşamağa başlamışdı... Hər şey arvadı kimi acıqlı və qəddar idi. Hər axşam işdən evə qayıdanda - qapının ağzında tər-qan içində boğula-boğula, əsəbilikdən az qala ağlaya-ağlaya düz bir saat qapının kilidi ilə əlləşirdi… Qoltuğundakıları məcbur olub yerə qoyurdu, papağını təpəsinə itələyirdi, hərdən hövsələsi daralıb, axır qapının ağzında soyunurdu. Açarsa, qıfılın dəliyinə keçməyiylə, dəliyin hansı küncünəsə ilişməyi bir olurdu, nə burulmaq, nə irəliyə getmək, nə də geriyə çıxmaq istəyirdi. Qapı ancaq, o, açarı, barmağını döyənək eləyə-eləyə hərlədib-hərlədib axır ağlayandan sonra açılırdı... Ya da qapının bu cür tərsliyi tutanda, məcbur olurdu zəngini vura, arvadının, qapının o üzündən iliyinə işləyən eybəcər səsini eşidə: «Mağmın yetim… - arvadı qapını açmağa gələ – gələ, özündənrazı, yekəxana ədasıyla deyib o üzdən kilidi qurdalamağa başlayırdı - …bir dənə açarın da öhdəsindən gələ bilmir…»
Fikirləşdi ki, olsun ki, hər axşam, o, işdən qayıdan vaxt arvadı qapının o üzündən kilidə nə isə edir, harasınısa, hansı düyməsinisə qurdalayıb, onu qapının arxasında saxlamaqdan həzz alır. Hə, arvadı onu alçalmaqdan hədsiz həzz alırdı… Olsun ki, axşamlar, işdən qayıdanda, arvadı əllərini belinə vurub o üzdən qapıyla üzbəüz dayanırdı, əsəbilikdən boğula-boğula açarla əlləşməyini xüsusi ləzzətlə izləyirdi, səbirsizliklə onun, axır ki, təslim olub zəngin düyməsini basmağını gözləyirdi ki, içinə yığılan hirsini, hikkəsini ürəyindən, tikan çıxaran təki, deyib rahatlansın. Arvadı hər axşam kilidi beləcə qurdalayıb xarab edirdi, hər dəfə də, qapını açandan sonra, qalibiyyət və nəşə dolu üzüylə bir müddət əlləri belində, kandarda dayana – dayana onu başdan-ayağa süzürdü... Onda arvadı elə nəhəng görünürdü ki?!.. Fikirləşdi ki, ümumiyyətlə axır vaxtlar arvadı kökəldiyinə, ya nəyə görəsə nəhəng görünür. Ya özü kiçilib?.. Fikirləşdi ki, qapı məsələsinin həllinin bircə yolu var: o da arvadıyla açarları dəyişməkdi. Sonra da yadına düşdü ki, neçə dəfə arvadıyla açarları dəyişmişdi, aravadı onun o tərs açarını qıfılın içində, qaşığı ərinmiş yağın içində hərlədən kimi hərlədib qapını açmışdı.
Dəhlizdə ayaqqabılarını geyə – geyə qapıya baxdı... Qapı köhnə qapıidi... Gödək, nimdaş pencəyiylə, nazik tələbə boynuyla, bir dəstə yoluq güllə hüzuruna gəldiyi vaxtların qapısıydı... Onda, yadına gəlir, qapı bu rəngdə deyildi. Ümumiyyətlə rəngi yox idi… ovulub tökülmüşdü, tutağacı da belə bürüncdən deyildi, tən ortasında da beləcə, Təpəgözün gözünə bənzər gözlüyü yox idi… Gözlüyün əvəzinə, qapının tən ortasında ensiz poçt dəliyi vardı ki, evlərinə qəzet gətirən poçtalyonlar ordan ara-sıra məktublar atırdılar içəri... Anasının, kiməsə əyri-üyrü uşaq xətti ilə yazdırdığı niskil və ağrı dolu məktublar… Sonra necə oldusa, həmin o ensiz, nazik dəlik ona da, arvadına da şübhəli görünməyə başladı. Bu dəlikdən içəri Allah bilir, nələr ata bilərdilər?!.. Odu ki, dəlik təcili surətdə bağlanıb, yerinə həmin bu gözlük açdılar. Fikirləşdi ki, qapı da bilir, sahibi – arvadıdı... Bunu oğlu da bilirdi, gecələr böyrü deşilə-deşilə üstündə yatdığı çarpayısı da... Elə onun da sahibi arvadıydı... O, arvadının itiydi, quluydu, nökəriydi. Allah bilir daha nəyiydi... – əsəbi – əsəbi fikirləşə – fikirləşə mətbəxə keçdi.
...Qayğanaq həmişəki yerində, həmişəki ətürpədən vəziyyətindəydi... Elə bil iki dəstə ağ - sarı sapları bir-birinə qatıb yağda qaynatmışdılar. İndi o, bu yağlı sapları yeməliydi. Çəngəli burnuna tutub iylədi. Çəngəldən odekalon iyi gəlirdi… Fikirləşdi ki, axı niyə bu qayğanağı ürəyi bulana-bulana yeməliydi?!.. Ona görə ki, arvadının itiydi!.. Sonra əyilib süfrəni iylədi və fikirləşdi ki, bu gün-sabah əlli yaşı tamam olacaq, yenə bu uşaq xasiyyəti – hər şeyi iyləmək azarı çıxmır başından.
Ayağa qalxıb soyuducunu açdı. Qırmızı və qara kürülü dəmir qabı burnuna tutub iylədi, sonra barmağıyla kürüləri əsəbi-əsəbi bir-birinə qatıb qarışdırdı. Bundan eybəcər bir mənzərə alındı. Ürəyi bulandı…
Kürü yeməkdən də bezmişdi. Kürü də yumurtaydı, balığın yumurtası... Yenə yumurtalılar sinfi... Füf! Kürünü soyuducuya atıb qapısını bağlaya-bağlaya fikirləşdi ki, görəsən ümumiyyətlə dünyada neçə cür yumurta var?..
Yataq otağının burdan – mətbəxdən tən yarısı görünürdü. Arvadı indi də gecə köynəyində güzgünün qabağında dayanıb özünə nəyə görəsə arxadan baxırdı...
Fikirləşdi ki, nə qədər zəhləsi getsə də, bunu heç cür inkar eləyə bilməz ki, arvadı həm də kifayət qədər ağıllı və dünyagörmüşdü. Uzağa getmək lazım deyil, partiya məktəbinə girmək fikrini kim yeritmişdi beyninə?!.. Qəbul komissiyasına kim yol tapmışdı?.. Kim Səlimova yol tapıb, onun zəif damarını tuta bilmişdi?.. Özü də ən incə şahmat gedişiləri ilə. Ona qalsaydı... Müəllim ata, savadsız ana...
Ata-anası yadına, həmişə nədənsə Seyid Əzim Şirvaninin «Oğluma nəsihət» şeriylə bir düşürdü...
Cəfər, ey nuri-dideyi-seyyid,
Qönçeyi növrəsiyydi seyyid,
Ulamə haqqını riayət qıl
Əhli-elmə həmişə hörmət qıl...»
Əhli-elm də dolandırsın səni, görüm necə dolandırır… - fikirləşdi. Sonra da fikirləşdi ki, həmin bu naftalin iyli fəlsəfənin havasından onu arvadı çıxarmışdı. Arvadı ümumiyyətlə çox şeylərdən qurtarmışdı onu. Odu ki, burda deyiblər: «dili var, dilçəyi də var…»
Burnuna yenə naftalin iyi gəldi... Başını o yan-bu yana çevirib havanı iylədi. Həqiqətən naftalin iyi gəlirdi... Lap buralardan, hardansa lap yaxından... Hardan gəlirdi bu iy?.. Elə bil bədənindən gəlirdi… yoxsa nəfəsindən gəlirdi?.. Yoxsa qayğanaqdan gəlirdi?..
Əyilib qabağındakı qayğanağı iylədi… Yox, naftalin iyi onun özündən gəlirdi... Çünki hələ də, bəzi gecələr Seyid Əzimin bu sətirlərinin, bədəninə girən nazik iynə kimi damarlarının arasıyla sürüşdüyünü hiss eləyirdi, yadına naftalin iyli ayrı şeyləri salırdı...
Arvadı indi də dəhlizdə idi, bayaqkı gecə köynəyində dayanıb ona elə baxırdı, elə bil nə isə eləməyi unutmuşdu. Arvadının gözləri dəhlizin yarıqaranlığında, pişik gözü kimi işım-işım işıldayırdı...
Başını aşağı salıb, soyuq qayğanağını tələm – tələsik yeyə – yeyə fikirləşdi ki, hamısı kürünün işidi. Kürünün fosforuydu arvadının gözünü beləcə pişik gözü kimi işım-işım işıldadan... Qayğanağın böyründəki qəhvəni yarıyacan başına çəkib tələsik ayağa qalxdı, hamamxanaya keçib orda əllərini yuya – yuya ürəyində, arvadına – işdi, əgər o, ona nə isə desə, nə cavab verəcəyini götür – qoy elədi, sonra dəhlizə çıxıb, orda divara söykənib mənalı gözlərlə ona baxan arvadını görmürmüş kimi, güzgünün qabağında dayana – dayana qalstukunu bağladı...
Arvadı səssiz addımlarla gəlib indii də yataq otağının qapısında dayanmışdı. Gözlərinin işığı elə bil azalmışdı...
…Pillələri tələm-tələsik enə-enə fikirləşdi ki, necə olub ki, arvadıyla çoxdannan bəri yatmadığını unudub?.. Sonra da fikirləşdi ki, bəlkə arvadı kiminləsə görüşür?.. Sonra arvadı, tanımadığı bir kişiylə öpüşüb qucaqlaşa-qucaqlaşa gözünün qabağına gəldi... Arvadı belədə necə də iyrənc idi, ilahi?!.. Sonra yadına, ara bir evə zəng eləyəndə, arvadının onun səsini tanımamağı, arvadının, keçən həftə alverçiləri bir-birinə qata-qata özünə alt paltarı axtarmağı düşdü... Bir də arvadının, bəzi gecələr yuxuda kiməsə naz eləyə - eləyə, gözüyumulu çiyinlərini atıb qaşlarını əttökən – əttökən oynatması, səsini incəldə-incəldə əcaib sözlər deməsi düşdü yadına... Ürəyi əsəbilikdən sıxıla – sıxıla fikirləşdi ki, arvadı kimə belə naz atırdı?.. Məlum məsələydi ki, arvadının o işvə - nazı onun üçün deyildi. Arvadı ümumiyyətlə onunla o səslə danışmırdı. O nə isə ayrı bir səs idi. Bu, olsun ki, arvadının ikinci səsi idi. Əsil səsi, öz səsi... Yoxsa əksinə?.. Bu səslə arvadı tamam ayrı qadına oxşayırdı… onun tanımadığı, halını, xasiyyətini bilmədiyi, əli dəymədiyi ecazkar bir qadına oxşayırdı...
Blokun qapısından çıxanda ayağı büdrədi və o, fikirləşdi ki, başı deyəsən yavaş-yavaş doğrudan xarab olmağa başlayır. Bu boyda iş-gücün, dərd-sərin içində gör, bir nə haqda fikirləşir. Sonra həyətə çıxıb tini burula-burula, bu axmaq fikirləri başından dağıtmaq üçün, bu günə təyin elədiyi görüşlər və heç cür təxirə sala bilməyəcəyi yığıncaqlar barədə fikirləşdi və ürəyi darıxdı... Bu günkü yığıncaqlar və görüşlər məntiqi nəticəsinə görə sıfra bərabər mənasız, məzmunsuz tədbirlər yığnağı idi və ən dəhşətlisi, bu məzmunsuz mənasızlıqlar zəncirinin baş təşkilatçısı bilavasitə o idi. O yığıncaqlara gələnlər də, çıxış eləyənlər də - hamı indidən nə deyəcəyini də, o birilərdən nə eşidəcəyini də, hər şeyin nəylə yekunlaşacağını, necə bitib qurtaracağını da gözəl bilirdilər. Bunu onlar kimi, o da bilirdi. Bilirdi və bu tamaşanı qurmağına davam edirdi. Nəyə görə? Kimə görə? Burası məlum deyildi. Özlərini kimə göstərirdilər, kimin başını aldadırdılar?.. Bu məqam, cavab əvəzinə, qulağına hardansa Səlimovun, müəllim danışığına oxşar təmkinli, yorğun səsi gəldi: «Nəticəylə çox maraqlanma əzizim, əsas məsələ prosesidi, proses...» Hə, proses möhkəm gedirdi... Bu gün düz yeddi adamı qəbul eləməliydi. Bilirdi, bu yeddi adamın yeddisiylə də sözü tutmayacaq, söhbəti alınmayacaq...
Ən qəlizi - kino komitəsinin partiya təşkilatı katibiylə görüş idi. Onunla, guya komitədə aparılan ideoloji işin səviyyəsini müzakirə eləməyliydilər. Dəqiq bilirdi ki, katibin özünün də ürəyi bulanırdı bu söhbətdən. Amma ilin sonunda keçiriləcək partiya yığıncağında komitədəki ideoloji durum barədə hesabat veməliydi, ya yox?.. Katib «əla oğlanlar» ın biriydi. Yeyib-içən, kefcil... Keflənən kimi də, Şeyx Şamil hərəkatından danışıb ağlayırdı... Bir dəfə həmin bu katib, Mərkəzi Komitədəki iclasda, məruzədə adını çəkdiyinə görə, ona yaxşı hörmət eləmişdi. Şəhərkənarı kababxanalardan birini bağlatdırıb iki tanış rəfiqəsini də dəvət eləmişdi onun üçün. O gecə yeyib-içib katibin bağına getmişdilər. Amma ona düşən qız, soyunmamışdan əvvəl ondan elə bir iş xahiş eləmişdi ki, o işin qiyməti, o gecədən də, qızdan da baha oturduğundan, qızın qızılı saçlarını tumarlayıb:
– Baş tutmaz... – demişdi və elə o dəqiqə də fikirləşmişdi ki, gərək yatıb durandan sonra deyəydi bunu. Sonra da, gecə yarısı bağdan evə qayıda-qayıda, bütün yolu bic tərpənməyi heç cür öyrənə bilmədiyi üçün ürəyində özünü söymüşdü...
...Ağakərim onu görən kimi maşını blokun ağzına sürdü...
– Sabahın xeyir...
– Sabahınız xeyir… - Ağakərim deyib, hər günkü kimi, hörmət əlaməti olaraq yerində qurcalandı.
Maşının içindən yenə Ağakərimin corablarının iyi gəlirdi... Odu ki, maşına əyləşən kimi, ilk əvvəl əl atıb şüşənin qulpunu hərlədi, pəncərəni açıb çölün havasını içinə çəkə – çəkə fikirləşdi ki, yəni hər səhər təzə corab geymək belə çətin işdi?.. Fikirləşdi ki, olsun ki, Ağakərimin burnu bu motal iyinə elə öyrəşib ki, onu, əlini, ayağını hiss edən kimi, doğma qəbul edir. Ya da olsun ki, bundan, özünəməxsus bir həzz alır. Sonra ürəyi Ağakərimə ağrıya-ağrıya fikirləşdi ki, «neyləsin yazıq, gözünü açandan motal iyinin içində böyüyüb axı?!..» Olsun ki, hələ lap uşaqlıqdan onun canına, qanına hopub. Axı Ağakərimin anası uzun illər Xırdalanda qoyun saxlayırdı, motal tuturdu?!.. Arada qazan-qazan ona da göndərirdi. Fikirləşdi ki, indi ki, Ağakərimin anası yoxdu, beş-altı il bundan əvvəl ciyər xəstəliyindən ölüb. Sonra da qabırğasının altına yeriyən əsəbi gülməyini bir təhər saxlaya-saxlaya fikirləşdi ki, bəlkə anasını dəli məhəbbətlə sevən Ağakərim, anasının tutduğu o motalın iyini indi öz corablarından alır?.. Nahar fasiləsi konsertlərində ana haqqında mahnı oxuyanda Ağakərimin gözlərinin yaşardığını, bəzən mahnının yanıqlı sözlərinə davam gətirməyən Ağakərimin, əl atıb radionu söndürdüyünü ki, dəfələrlə öz gözləriylə görmüşdü?!.. Fikirləşdi ki, görünür Ağakərim çox istəyirmiş anasını...
...Maşın vığıldayıb yerindən tərpəndi. Yadına düşdü ki, bu gün, şöbədə bir-iki ay əvvəl boşalmış təlimatçı vəzifəsinə götürmək üçün, Nadir Əbilov adında, ali partiya məktəbinin məzununu qəbul eləməlidi. Deyilənə görə, sakit, başıaşağı, işlək adam olan bu Əbilovov, həm də yaxşı təşkilatçı idi. Ən əsası isə o idi ki, Əbilov, deyilənə görə, dikbaş deyildi və bu səbəbdən, xələl gətirmək təhlükəsi az idi. Bir sözlə, Səlimovun uzaq qohumlarından olan əvvəlki, həyasız təlimatçının tayı deyildi. Gecə-gündüz kağız-kuğuzun içində eşələnib özünü əldən salırdı, sonra da, öz xəstə sinirləriylə iclaslarda gic-gic danışıb hamının gününü qara eləyirdi.
- Maşının yağını dəyişdirdin?.. – özü də bilmiədi, bunu Ağakərimdən nəyə görə soruşdu. Çox elə lazım idi ona maşının yağı…
- Srağagün dəyişdim. - Ağakərim güzgüdən ona baxa – baxa dedi - Dedilər vaxtında gəlmisən, bir az da geciksəydin, mator dağılacaqdı…
Ağakərim sonra da matorla bağlı nələrsə dedi, sonra «qluşitel»lə bağlı uzun – uzadı danışdı… Yola baxa – baxa fikirləşdi ki, görən niyə son vaxtlar danışmaq istəmədiyi adamlarla söhbət eləyəndə, fikri dediyi sözün mənasında yox, o sözün deyilişində, səsinin ahəngində, dilinin, dodağının tərpənişində qalır?!.. Bu nə azar idi?.. Sonra fikirləşdi ki, neyləyəydi axı?!.. İndi daha istəyib-istəməməyi heç nə həll eləmirdi. İndi o - gecə-gündüz saat dəqiqliyi ilə işləyən nəhəng mexanizmin balaca bir hissəciyi idi, istədi-istəmədi, bu mexanizmin ahənginə tabe olmalıydı. Sonra da, yenə fikirləşdi ki, əslinə qalsa, tabe olmaya da bilərdi… Hansısa cihaz yağı iyli bu darısqal mexanizmin içindən sıçrayıb kənara atıla, istədiyi həyatını yaşaya bildərdi. Şer yazıb, tələbəlik illərindəki kimi, onlara mahnı qoşa-qoşa, şənbə-bazar günləri ürəyi istəyən dostlarla görüşüb, Sabirin, Fizulinin fəlsəfəsindən qırıldada-qırıldada adam kimi yaşaya bilərdi. Amma məsələ burasındaydı ki…
Hər dəfə bu yerə gəlib çatanda, keçilməz, şəffaf şüşəyə dirənən təki, nəyəsə - hansısa ələgəlməz, amma həm də hardasa içində, içinin hansısa dərinliklərində oturub, onu necəsə idarə edən anlaşılmaz hisslərinin əlinə keçirdi… dizləri qəribə bir təslimlə boşalırdı… başını harasa yümşaq, ilıq bir yerə soxub hər şeyi unutmaq, yuxuya getmək istəyirdi...
Məfaülün-failün
Məfaülün-fa – i - lün
Yox, daha şer yazmaq istəmir. Fizuli də, Sabir də maraqlı deyil daha. Onlar hardasa geridə – onun əvvəlki, mənasız həyatının yarıqaranlıq, yağışlı, küləkli döngələrində qalmışdılar… Bir də geriyə də yol yoxdu. Çünki artıq geri də, gələcək kimi, yönünü, rəngini bilmədiyi, tanımadığı yad bir yer di...
…Maşın şəhərin geniş küçələrindən, maşınların arasından qıvrıla-qıvrıla keçib gedirdi. Şəhər tüstü içindəydi. Tüstü elə bil adamların arasıyla yeriyirdi səkilərə, yollara yatıb, şəhəri bozardırdı... Hamı yorğun və əsəbi idi. Adamlar bir – biriylə tələşə-itələşə, küt – küt metro girəcəklərinə daxil olur, dayanacaqlarda avtobus gözləyir, uşaqlarının əlindən tutub məktəblərə, bağçalara sürütləyirdilər... Uşaqların da üzündən yorğunluq tökülürdü.
Fikirləşdi ki, bəs indi maraqlı olan nədi?.. Pul, vəzifə, qızlar?.. Onlardan da bezmişdi… Hər şeydən bezmişdi… Yorulmuşdu…
…On beş mərtəbəli binanın möhtəşəmliyi, hər günkü kimi, bu gün də sıxdı onu. Ağakərim də hər cünkü kimi, əyləci hündür, mərmər pilləkənlərin düz qabağında basdı. Maşından düşəndə, küçədən keçənlər, binaya yaxın səkilərdə orda-burda dayanan, gəzişən adamlar çönüb ona baxdılar.
...Qapını örtüb, eynəyini düzəldib, qara, mərmər pillələri aramla qalxa-qalxa fikirləşdi ki, bütün müsibətlər, ürəkbulanmalar, əsməcələr, titrəmələr bu beşcə dəqiqəyə dəyər...
Hər gün binanın bu qara, mərmər pillələrin qalxıb, güzgülü sütunlu nəhəng foyesinə daxil olanda, nə vaxtsa orta məktəbdə tarix dərslərində keçdiyi orta əsr xanlarının saraylarının təsviri yadına düşürdü… Onda, yadına gəlir, o ecazkar təsvirləri, toyuq – cücəyə dən səpə – səpə, yaxud qoyun otara – otara oxuduqca, şirin uşaq xəyallarına dalır, böyüyəndə, mütləq şəhərə gedib, bu sarayların, heç olmasa, muzeylərinə baxacağını arzulayırdı…
Pillələri qalxa – qalxa fikirləşdi ki, uşaqlıq arzusu yerinə yetmişdi, indii o, sarayın muzeyində yox, onun özündəydi… Özü də buranın xanı yox, Allah bilir, nəyiydi… Hər səhər bu saraya daxil olanda, bu möhtəşəmliyin, bu ali nəhəngliyin içində özünü bapbalaca sərçə, ya cırtdan hiss eləyirdisə də, qəribəydi ki, həmin bu ölçü ziddiyətindən izaholunmaz bir həzz də alırdı…
Girəcəyin tavanından salxım-salxım ağ, mavi məlakələr, qılmanlar asılıb, elə ordan – yuxarıdan-aşağı ona elə baxıdılar, elə bil içindən keçənləri elə ordan – tavandan asta-asta oxuyurdular. Ona görə də, hər səhər o, girəcəyin mərmər döşəməsinə taqqıltı sala-sala ötüb keçəndə, ona yuxarıdan aşağı baxa-baxa qəribə bir təbəssümlə gülümsəyirdilər. Yazıqları gəlirdi, yoxsa ələ salırdılar onu, bilmək olmurdu. Amma bir orası dəqiq idi ki, bu möhtəşəm binanın içində onu tanıyan, halına əhvalına bələd olan vardısa, o da bu balaca, mavi mələklər idi. Bir də, Səlimov…
Girəcəyi ağ mərmər döşəməsinə düşən əksinə baxa-baxa, təzə çəkmələrinin dabanlarını taqqıldada-taqqıldada keçib pilləkənlərlə yuxarı qalxdı. Dəhlizdə qəribədi ki, özünü həmişə yaxşı hiss eləyirdi. Olsun ki, ona görə ki, burda ha yana gedəcəyi, hara dönəcəyi, harda dayanacağı dəqiq bilinirdi.
Katibə həmişəki kimi balaca əl güzgüsünə baxa-baxa kirpiklərini rəngləyirdi, onu görüb əlini aşağı saldı, guya utandı:
– Sabahınız xeyir... – dedi.
Stolun böyründən katibənin bir-birinin üstə aşırdığı qıçları görünürdü. Katibə elə bil qəsdən hər səhər belə otururdu ki, qıçları görünsün. Elə bil bilirdi, o məhz səhərlər gümrah olur, məhz səhərlər qanı damarları boyu on-on beş il əvvəlki sürətlə yeriyir...
Əlbəttə bilirdi… Katibə onun xasiyyətini hələ iki il bundan əvvəl başa düşmüşdü. Hələ iki il bundan əvvəl, belə bir payız səhəri katibə qəsdən yox, təsadüfən bu vəziyyətdə oturub kirpiklərini rəngləyəndə paltarının ətəyi eynilə beləcə, dizindən xeyli yuxarı dartılıb qıçının ən gizli cizgilərini göstərəndə, qızın həmişəki «sabahınız xeyir»inə cavab verə bilmədi. Gözü qaralmışdı, gicgahı lükküldəmişdi, otağına keçib bir müddət eləcə əynindəki plaşda, qapının yanındakı stulların birinə oturmuşdu... O gün, yadına gəlir, axşamacan gicəllənə-gicəllənə qalmışdı, görəcəyi işlər yaddan çıxmışdı. O gün katibəni min bəhanəylə yanına çağırtdırıb gah kimlərisə axtarmışdı, gah ona çay gətizdirmişdi, gah kiməsəsə zəng vurdurmuşdu. Katibə də deyəsən onun halından xəbər tutmuşdu, hər dəfə içəri müxtəlif bəhanələrlə, ayrı-ayrı qiyafətlərdə daxil olmağa başlamışdı. İş gününün sonunda isə çəhrayı gödəkçəsini geyinib xüdafizləşmək üçün içəri boylananda, gözlərini süzdürüb:
– Mən lazım deyiləm?.. – deyəndə, ürəyi az qalmışdı dayana. Bir təhər udqunub dizləri əsə-əsə ayağa qalxmışdı, gəlib katibəylə üz-üzə dayanmışdı, heç kim eşitməsin deyə, lap astadan:
– Lazımsan... – demişdi.
İçəridən – qapısı bağlı otağından selektorun həyəcanlı zəngləri eşidilirdi... Özünü hövlənak içəri salıb, soyunmadan, dəstəyi qaldırdı:
– Sabahınız xeyir, Əziz Mamedoviç… - deyib tövşədiyini gizlətmək üçün telefonun mikrafonunu əli ilə bağladı.
– Dünənki məsələ nəylə qurtardı? - Səlimov, yorğan-döşəyin içindən danışan kimi, aramla dedi.
Nəfəsini axır ki, nizamlayıb:
– Demək olar ki, heç nəylə. – dedi - Məncə büroya çıxarmaq lazımdı. O faktların heç biri doğrultmadı özünü.
– Onda uzatma, gələn büroya hazırla. – Səlimov deyib, dəstəyin o başında elə bil nə isə uddu.
– Yox, gələn büroya heç cür çatdıra bilmərəm… - dedi.
– Çatdırarsan. Bu gün həmin o işdən ötrü dörd nəfər çağırtdırmışam. İkisi nəşriyyat işçisi, biri müəllifdi, o biri də nəşriyyatın keçmiş direktorudu...
– Onu niyə?
– Hər halda işin incəliklərini o bizdən daha yaxşı bilər. Görək nə deyir…
- Səlimov deyib dəstəyi asdı.
Dəstəyi yerinə qoyub fikrə getdi. Bütün bu məzhəkə nədən ötrü idi, kimin üçün idi?.. İş ətraflı öyrəynilib büroya çıxarılırdı. Hər şey də qabaqcadan məlum idi. Nəşriyyatın direktoru, bütün şikayətlərinə, qanun pozuntularında gətirdiyi əsaslı faktlara, yoxlamalara və yoxlamanın nəticələrinə baxmayaraq, işdən azad ediləcəkdi. Direktor özü də bir ay idi, işdən öz xahişi ilə azad olunmaq haqqında ərizəsini yazıb qoymuşdu. Bütün bu araşdırmalar nəyə lazım idi, kimə lazım idi?!. Onsuz da Səlimov o direktora heç bir ayrı ciddi ölçü götürməyə imkan verməyəcəkdi. Niyəsi də məlum deyildi. Sonra dünəndən bəri stolunun üstündə qalan kağızlarıb sahmanlayıb bir tərəfə yığa-yığa fikirləşdi ki, bir tərəfdən elə məlum olmamağı məsləhətdi. Artıq başağrısı nəyinə gərəkdi?.. Stolun siyirtməsini açıb, ordan, mütaliə eynəyini çıxarıb burun yaylığı ilə silə-silə fikirləşdi ki, bu Səlimov əməlli-başlı məktəbdi. Gör bir bu on-on beş ilin içində nə qədər görüb-götürüb, nələr öyrənib ondan?!.. İnsanlarla danışmağı, müvafiq dairələrlə əlaqə yaratmaq üsullarını, sənədlərlə işləmək qaydasını və sair və ilaxır…
Ayağa qalxıb pəncərənin qabağına gəddi, ağ ipək pərdəni aralayıb, havanın tutqunluğundan bozaran şəhərə baxa-baxa fikirləşdi ki, Səlimov olmasaydı, bu dəqiqə Allah bilə hardaydı, bəlkə də, səhər-axşam əllərində bayraq avara-avara küçələri veyillənən bir yığın «həqiqət carçısına» qoşulub, Allah bilir, indi hansı idarənin küncündə küllənirdi.
Qapı asta-asta açıldı, katibə, əlində çay dolu fincan otağa daxil oldu, gətirib çayı stolunun üstünə qoydu, gülümsəyə-gülümsəyə nə isə deyib qapıya sarı yönəldi. O da katibənin ayaqlarına baxa-baxa fikirləşdi ki, görən Səlimov harda, kimdən mənimsəmişdi bu virtioz idarəçilik məharətini?!.. Kiminlə necə danışmaq, nə vaxt əsəbiləşmək, nə vaxt özünü eşitməzliyə vurmaq, nə vaxt həyəcanlanıb pörtmək və sair və ilaxır... Zalımın oğlu bu sahə üzrə elə bil xüsusi akademiya bitirmişdi. Qaşığı çaya salıb, içindəki limon dilimini əzə-əzə fikirləşdi ki, bu da Allahın bir vergisidi. Yoxsa, o niyə mənimsəyə bilmirdi o məharəti? Neçə illər idi ki, Səlimov kimi əjdahanın əlinin altında işləyirdi?!.. İndinin özündə də, həmin o sarsaq səmimiliyini, hamıya sidq-ürəkdən inanmaq şövqünü ki, canından çıxara bilmirdi?!.. Odu ki, Səlimov hələ də ona istehzayla baxa-baxa: «lap azca qalıb dəyməyinə…» deyirdi. İnşallah «dəyəndə» isə, Səlimov, verdiyi sözün üstündə duracaqdı, onu, bir mərtəbə də yuxarı çıxaracaqdı...
Qalstuku yenə əfi ilan kimi qıvrılıb xirtdəyinə keçmişdi. Qalstukun düyününü boşalda-boşalda fikirləşdi ki, bəs görən nə vaxt dəyəcək?.. Sonra siyirtmədən, balaca əl güzgüsünü çıxarıb üzünə baxdı. Üzü, hansısa ev heyvanının üzünü xatırladırdı. Güzgünü yerinə atıb, hövsələsi darala-darala fikirləşdi ki, olsun ki, heç vaxt dəyməyəcək. Həmin bu kal sifəti ilə qocalıb, təqaüdə çıxanacan bu otağında da oturub qalacaq.
Sonra qəfildən özü-özünə əsəbiləşib ayağa qalxdı, otaq boyu var-gəl eləyə-eləyə fikirləşdi ki, Səlimov, o bir damcı boyuyla dolayıb onu barmağına. Nə verib ona, ala bilmir?! Allaha şükür, nə deyib eləyib. Öl-öl, qal-qal. Filan şey lazımdı – buyur, filan şey lazım deyil – buyur, qızımın ad günüdü – buyur, qatıq qaradı, – lap belə qır rəngindədi... İndi durub deyəsən bu əclafa ki, daha nə istəyirsən, ay... Heç eybi yox, axır bir gün sənin də vaxtın gələcək, Səlimov, onda baxacağamm halına... Sonra hardansa yadına, yenə Sabirin misrası düşdü…
«Bu çərxi-fələk tərsinə dövran edir indi...»
Sonra da ürəyi sıxıla-sıxıla keçib yerində oturdu və fikirləşdi ki, işdi, Səlimovu işdən çıxartsalar, onun işi necə olacaq?.. Belə baxanda, indi Səlimov – onun üçün uzun-uzadı, iztirablı, məşəqqətli illərdən bəri boğazından kəsib qəpik-qəpik, manat-manat yığıb düzəltdiyi əmanət kitabçası kimi bir şey idi, onu itirmək – hər şeyi itirmək demək idi… Ayrı «Səlimovu» tapıb düzəltməyə isə, nə ömrü çatardı, nə də pulu...
Katibə əlində bir yığın sənəd, içəri girib, yellənə-yellənə ona sarı yeridi, sənədləri stolun üstünə qoyub çönmək istəyəndə, əli katibənin əlinə qondu. Qız dartındısa da, əlini onun əlinin altından çəkib çıxara bilmədi.
– Günorta gedirik?
Katibə gözlərini süzdürüb nəyə görəsə tavana baxdı.
Bu dəfə qızın əlini bir az da bərk sıxıb:
– Hə?..
Katibə, heç vaxt eşitmədiyi ayrı, qalın bir səslə:
– Burax əlimi... – dedi, sonra nəyə görəsə elə qızardı, elə bil əli əlinə birinci dəfəydi dəyirdi. Üzünü divara çevirib astadan - istəmirəm... – dedi və üzbəüzdəki divardan asılmış təqvimə baxdı.
– Nolub belə, ərə gedirsən?..
– Yox... – katibə deyib, yüngül addımlarla qapıya sarı getdi, orda ayaq saxlayıb, qəribə bir nazla geriyə hərləndi, iztehzayla:
– Daha istəmirəm... – dedi, sonra çönüb çıxdı.
Katibənin bu yeni «nömrəsi» o qədər gözlənilməz oldu ki, bir müddət stolun üstündə buğlanıb eynəyini tərlədən çaya baxa-baxa nə fikirləşəcəyini bilmədi... Sonra hardansa yadına, ötən həftə katibəni, sənədləri imzalamaqdan ötrü Səlimovun yanına göndərməyi düşdü. Belə-belə işlər… - fincanı əlinə alb çaydan qurtum ala-ala fikirləşdi. Həmin gün qızın, Səlimovun yanından qayıdandan sonra birdən-birə əhvalının dəyişdiyini, onun suallarına, qəribə bir laqeydliklə, könülsüz cavablar verməyini də xatırladı...
Ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Fikirləşdi ki, bəlkə Səlimova işarə eləsin, katibələrin yerlərini dəyişsinlər?..
Sonra pəncərədən görünən dənizə və dənizkənarı xiyabana baxa-baxa fikirləşdi ki, yerdəyişmədənsə, yaxşısı budu, katibəni Səlimovun yanına tez-tez göndərsin. Sonrasını Səlimov özü müəyyənləşdirər.
…Şəhərin üstünə elə bil duman çökmüşdü... Duman idi, ya tüstü idi, getdikcə qatılaşa-qatılaşa aşağı enirdi, adamların, ağacların üstünə çökürdü… Ya bəlkə burdan – yuxarıdan baxanda belə görünürdü?!. Ağaclar da bozarmışdı, dəniz də… Bütün şəhər qəribə bir bozluğa bürünmüşdü. Lap bu gecəki yuxusundakı kimi...Sonra yenə yuxusu yadına düşdü… Fikirləşdi ki, olsun ki, bu gecəki yuxundakı o bozluq, əslndə çoxdannan bəri içində yaşadığı həmin bu bozluğun davamıdı. Elə bil o yuxunu nə vaxtsa bir dəfə də görmüşdü. Çoxdan, lap çoxdan, bir il, bəlkə də iki il əvvəl də elə bil eyni ilə belə bir yuxunu görmüşdü. Amma yox, onda görmüşdü, bu otağını, həmin bu kabinetini görmüşdü… görmüşdü necə stolunun arxasında oturub işlədiyi yerdə qəfildən binanın bütün işıqları sönür... ayağa qalxıb, bədəni vahimədən uçuna-uçuna özünü qapıya atırdısa da, qapına tapa bilmirdi... ürəyi sıxıla-sıxıla başa düşürdü ki, binada ondan savayı bir kimsə yoxdu... sonra həmin o qaranlığın içində qaranlıq kabinetinin binayla bir titrəməyə, ağır-ağır ləngər vurmağa başladığını hiss eləyirdi... pəncərəyə yüyürüb camaatı köməyə çağırmaq istəyirdi... pəncərələri taybatay açanda, gördüyü mənzərədən vahiməyə gəlirdi... binanın qabağının adamla dolduğunu, bütün şəhərin axışıb girəcəyin qabağına yığışdığını görürdü... adamlar köməkləşib binanı kökündən qoparırdılar, çiyinlərinə alıb dənizə tərəf aparırdılar... dənizin sahilinə çatıb orda suyun dibinə buraxırdılar… və o, binayla bir dərin, qaranlıq sulara qərq olduğunu, kabinetinin tədricən, içi yosunlu, duzlu dəniz suyuyla dolduğunu görüb səsi gəldikcə qışqırırdı... pəncərədən çölə sallanıb var gücüylə:
– Ehe-hey!.. Burda adam qalıb!.. – deyib çığırırdısa da, səsini eşidən olmurdu…
Həmin o yuxudan sonra şəhərdən də, adamlardan da qorxmağa başlamışdı. O yuxunun səhəri günü həmin bu pəncərənin qabağında dayanıb şəhərə baxa-baxa, ölkənin, xalqının taleyi haqqında fikirləşə-fikirləşə nə isə çox əhəmiyyətli planlar qurmağı, ona və onunkimilərə arxayın olub, hansısa ümidlərlə öz gündəlik həyatını yaşamağına davam edən şəhərə baxa-baxa gözlərinin dolmağı yadına duşdu... Sonra yadına, Mərkəzi Komitənin iclaslarından birində şəhərin ekoloci vəziyyəti - küçələri, xiyabanları bozardan bu zərərli tüstü dumanı barədə məsələ qaldırmağı da duşdu...
Hər şey də elə ordan başladı… - fikirləşib yerinə qayıtdı, stolunun arxasına keçib, bayaq sahmanlayıb kənara qoyduğu sənədləri qabağına çəkdi. Əsil məktəbi də onda bitirmişdi. Həmin o «əlamətdar» çıxışının uzun müddət bu möhtəşəm binanın otaqları boyu qorxunc, cüzamlı məktub kimi dolaşmağını, dildən-dilə gəzməyini, həmin iclasın fasilədə artıq bir adamın ona yaxınlaşmadığını, hərənin bir bahanəylə ondan uzaqlaşıb aradan çıxmıağını xatırladı. O gün, bunu ölsə də, qəbrinin üstə ot bitsə də, unutmayacaq, ona yaxınlaşan bircə Səlimov oldu... Həmin gün iclas bitəndən sonra Səlimov ona yaxınlaşıb, mənasını dərk eləyə bilmədiyi gülümsər üzlə, ətrafdakılar eşitməsin deyə astadan:
– Özbaşına iş görməyi nə vaxt tərgidəcəksən? – deyib müdrik yerişiylə ondan uzaqlaşmışdı...
Həmin gün yadına gəlir, işdən sonra Səlimov onunla lap açıq danışmışdı və Səlimovun o axşamkı sözləri ömürlük sırğa olub asılmışdı qulağından. «Birdəfəlik sırqa eləyib as qulağından:ən təhlükəli zonalar: milli məsələlər – tarix, dil, qədim abidələr və ekoloji problemlər. Bunlara burun soxmaq olmaz. Ümumiyyətlə, hər hansı yeni fikir, təklif və sairi məsləhətləşməmiş, özbaşına ortaya çıxarmaq, bunlarla bağlı rəhbərlik qarşısında məsələ qaldırmaq olmaz...»
Həmin o əlamətdar günün axşamı, yadına gəlir, tarixinə də, abidələrinə də, bu möhtəşəm binanın camaatına da nifrət eləmişdi.
Fikirləşdi ki, qəribədi, bu boyda şəhərin və bu şəhər kimi neçə-neçə şəhərlərin, kəndlərin taleyini bu binada oturan bir dəstə simasız insan, bir də o həll eləyir. Niyə məhz onlar və o?! Taledimi bu, ya bu da Allahın bir sınağıdı?!.. On-on beş il əvvəl bu binanın həndəvərindən keçəndə, tutqun şüşəli pəncərələrinə baxa-baxa, yadına gəlir bu pəncərələrin o üzündə oturanların heç olmasa, üzlərini təsəvvürünə gətirməyə çalışırdı, bu pəncərələrin o üzündəki naməlum həyat onda ona, sirli əfsanə təsiri bağışlayırdı… O vaxt ona desəydilər ki, vaxt gələcək, sən də bu pəncərələrdən birinin o üzündə oturacaqsan, bəlkə də heyrətdən ürəyi dayanardı. Hə, ürəyi yüz faiz dayanardı… – fikirləşdi - çünki onda ürəyi çox incə idi, tül kimi nazik və zərif idi... Onda ürəyi hər sözdən titrəyib onu ağlada bilirdi, kəpənək kimi pərvazlanıb onu da özüylə harasa uzaqlar uçura bilirdi... Kövrəkliyinə, sentementallığına görə tələbə yoladaşları həmişə ələ salıb dolayırdılar onu, gözləri dolanda, onu bu «romantika bataqlığından» çıxarmaq üçün qapaz da salırdılar başına. Sonra yadına, təlbəlik illərinin dostları düşdü… O vaxt onların içində guya ən zəifi, ən əfəli o idi.
İndi isə həmin o özündənrazı «dostları» onunla uzaqdan-uzağa dərin ehtiramla, az qala ikiqat əyilə-əyilə salamlaşırdılar. Olsun ki, bilirdilər, ha yana getsələr də, bir gün bu binaya işləri düşəcək. Mütləq düşəcək.
Sonra da fikirləşdi ki, bəlkə heç düşmədi?.. O uşaqların indi hər biri öz sənəti üzrə – biri qəzetdə, o biri nəşriyyatda, bu biri kino sahəsində işləyirdi.
Şəhər telefonlarından biri zəng çalmağa başladı, Telefona baxa-baxa fikirləşdi ki, dünyada ən mənasız peşələrdən biri də, yəqin ki, jurnalistlikadı. Bu da, qeybətin bir növüdü. Yadına gəlir, institutu hələ təzə bitirəndə, j №-li tikiş fabriki haqqında böyük məqaləsi çıxmışdı. Həmin o məqalədən sonra bu özündənrazı tələbə dostları zəng vurub bir xeyli dolamışdılar onu, «əllinci illərin üslübunda yazdığı» məqalədə işlətdiyi mürəkkəb fəlsəfi terminlərin mənasını soruşmuşdular...
Qapı astaca tıqqıldadı və katibənin yaxmalı üzü göründü:
– Əbilov gəlib, Səid müəllim...
– Qoy gəlsin. –deyib, qabağına sərdiyi sənədləri yenə üst-üstə yığıb bir kənara çəkdi.
İçəri, ortaboylu, nərmənazik bir oğlan daxil oldu. Bir müddət qapının ağzında dayanıb, görünür onun dəvətini gözlədi. O da həmişəki süni optimizimlə, guya bu gəlişə şad imiş kimi:
– A...a, buyurun-buyurun, keçin içəri… – deyib əyləşmək üçün ona yer göstərdi.
Əbilov utandığından divarın dibi ilə, az qala divara sürtünə-sürtünə gəlib onun göstərdiyi stula əyləşdi, əllərini, əlaçı şagird kimi stolun üstə cütləyib ona baxdı.
Oğlanın gözləri bomboz idi… Ya onun gözünə belə görünürdü?.. Bədənindən xoşagəlməz gizilti keçdi, əlini, oturan yerdə oğlana uzadıb:
– Tanış olmağıma şadam. – dedi.
– Çox sağ olun… – oğlan deyib başını, təzəgəlin kimi aşağı saldı.
Hə, indi nə deyəcəkdi buna?.. – fikirləşdi. «Harda işləmisiniz bu vaxta qədər?», «hansı ali məktədi bitirmisiniz?», «ailəlisinizmi?» Bütün bunları ki, bilirdi… Sonra hövsələsi darala-darala fikirləşdi ki, olsun ki, Səlimov bu görüşü qəsdən təşkil etdirir ona. Hansı səbəbdən – bunu bircə özü bilir. Bu utancaq uşağı işə götürən, onsuz da götürəcəkdi. Onun mənfi, ya müsbət rəyi məlum məsələydi ki, heç bir əhmiyyət kəsb etməyəcəkdi. Bu bir yana, guya yarım saatlıq görüşlə və yarım səhifəlik xasiyyətnaməylə adam tanımaq olardı?!..
– Hansı institutu bitirmisiniz? – deyib siyirtmədən çıxardığı yaşıl rəngli qovluğu qarşısına qoydu.
– Universitetin tarix fakultəsini.
– Neçənci ildə?..
...İlahi, axı bütün bu sualların cavabını ki, bilirdi… Bu oğlanın bütün tərcümeyi-halı hələ iki ay bundan əvvəl nöqtə-vergülünəcən, əlli formada, əlli sənəddə stolunun siyirtməsində, bu dəqiqə isə stolunun üstündə, barmaqlarının ucuyla asta-asta taqqıldatdığı yaşıl qovluğun içindəydi.
Qovluğa baxdı və ürəyi düşdü... Qovluq, oğlanın gözləri kimi bomboz idi...
Fikirləşdi ki, daha nə soruşsun bu növrəstə cavandan ki, bu «qüş xatirinə» görüş alınmış təsiri bağışlasın?.. Ha fikirləşdisə də, ha qurcalandısa da, kadrlar şöbəsinin suallarından savayı, soruşmağa ayrı sual, deməyə təzə bir söz tapmadı. Axı məsələn, necə soruşaydı ki, «Sən vicdanlı adamsan?..» yaxud, «Rüşvətlə aran necədi?..»
– Ailəlisən?..
– Bəli, iki uşağım var.
– Xaricdə qohumun yoxdu?
Oğlan döyüküb pərt-pərt onun üzünə baxdı.
- Xeyr.
- Bizim təşkilatda işləmək istəyirsən?..
…Yox, bu daha lap biabırçı sual oldu. – əsəbiliyindən sağ qıçını əsdirə-əsdirə fikirləşdi. – İstəmyən adamın burda nə ölümü var?..
Oğlan boz gözlərini onun gözlərinə dikib elə bil ürəyindən keçənləri oxumağa başladı. Bundan özünü itirib qarşısındakı qovluğu açdı və guya sənədləri bir-bir gözdən keçirməyə başladı.
Qapı yenə tıqqıldadı və yenə katibənin başı göründü:
- Yanınıza gələn var. – katibə dedi.
- İndi kimdi?.. – əsəbiləşdyini gizlətmədən, çımxırdı.
- «skəndərov» - dedi familiyasını
«İskəngəndərov... İskəndərov… Kim olar bu?!.»
- Kim göndərib, soruşmadın? Katibə çiyinlərini çəkib:
– Dedi «özü bilir». Sonra dəhlizdən xışıltılı öskürək səsi gəldi və dərhal yadına düşdü. Ah… İsgəndər... İsgəndər kişi... İsgəndərov İsgəndər... İsgəndər Zülqərney...
Qarşısındakı qovluğu bağlayıb, Əbilova:
- Gedə bilərsiniz. – dedi – Əlavə məlumat üçün ümumi şöbə ilə əlaqə saxlayın. – sonra hələdə qapıda dayanan katibəyə:
– Qoy gəlsin... – deyib özü də ayağa qalxdı. İsgəndərov, uzaq tələbəlik illərinin İskəndərovu idi… Bir neçə tələbə yoldaşıyla kirayəyə götürdüyü evin ikinci mərtəbəsində yşayanda, bir gecə sərxoş olub pəncərədən aşağı – eyvanına qusduğu həmin əsəbi İskəndər kişiydi. Onda yadına gəlir, rəngi qarala-qarala yuxarı qalxıb onun qolundan yapışmışdı, sürüyə-sürüyə pilləkəni düşürüb evinə salmışdı, kürəyindən eyvana itələyib, əsəbliyindən nəfəsi kəsilə-kəsilə:
– Di təmizlə, köpəy oğlu, yoxsa, qaşıqla yedirdəcəyəm... – demişdi.
İsgəndər kişi qapının ağzında görünəndə, bu dəfə doğrudan-doğruya ürəyi açıldı, uzaq tələbəlik illərinin havasını hardasa lap yaxınında duydu. Odu ki, əllərini geniş açıb:
- Ay xoş gördük… - deyə-deyə iri addımlarla İskəndər kişişnin qabağına yeridi.
İskəndər içəri girib bir müddət döyükmüş halda qapının ağzında dayandı, sonra elə bil ağzının içində nə isə dedi, o eşitmədi,Əbilovu qapıdan yola salıb:
– Əs səlam əleyküm, ay kişi... – deyib İsgəndəri qucaqlamaq istədisə də, İsgəndər salamsız-kəlamsız, boğuq səslə:
– Sözüm var... – deyib ona əl uzatmadan, stola sarı yeridi, təklif gözləmədən, stullardan birini çəkib oturdu.
Keçib stolun o biri üzündə, İsgəndərlə üzbəüz oturdu, əllərini stolunun üstə cütləyib:
– Yenə nə olub, ay İsgəndər, bir təhərsən elə bil?..
Bu ərkyana danışıq elə bil İsgəndəri açmadı, xırda gözlərini qıyıb bir müddət gözlərini onun üzünə zillədi, sonra əlinin birini stolun üstə qoyub qəribə bir hüznlə:
- Kənddən teleqram gəlib... – dedi – özü də niyəsə bizə gəlib. Olsun ki, teleqramı vuran adam sizin evin ünvanını bilmir.
– Nə teleqram?! – dedi və elə həmin an da yadına, bu gecəki boz yuxusu düşdü... Qoca, belibükülü anası onu axtarırdı...
– Anam?..
İsgəndər kişi başını aşağı salıb daha heç nə demədi.
***
...Arvadı qapını açıb, ondan qorxan kimi, kənara çəkildi... Oğlu arıq bədəniylə, eynəkli üzüylə dəhlizin o başından döyüküb ona baxırdı...
Hər ikisi elə baxırdılar, elə bil bu dəqiqə onunla nə isə baş verəcəkdi. Ya dayandığı yerdəcə iki hissəyə bölünəcəkdi, ya ürəyi keçəcəkdi... Axı anası ölmüşdü?!.. Heç olmasa ağlamalıydı. Ağlamağı isə gəlmirdi...
...İçəri keçib tələm-tələsik soyuna-soyuna, ha yadına, anasıyla əlaqədar təsirli məqamlar salmaq istədisə də ki, ürəyi heç olmasa, bir tikə əzilsin ki, gözü yaşarsın… yadına heç nə düşmədi. Xatirinə gələn bir-iki ötəri məqamlardansa ürəyi əzilmədi. Ürəyi elə bil köhnəlmişdi...
Dəhlizdəki asılqan şkafını açıb:
- Başmaqlarım hanı? – deyə əsəbi-əsəbi qışqırdısa da, sonra da fikirləşdi ki, ev başmaqlarını niyə axtarır axı?.. O ki, əksinə, geyinib-keçinib yola hazırlaşmalıdı?!..
Bu fikirlə öxzünü onra yataq otağına salıb, orda şkafların içində guyu nə isə axtarırmış kimi eşələnə-eşələnə fikirləşdi ki, axı niyə özünü məcbur eləməliydi ki, ağlasın?!. Artisdi – nədi?.. Ağlamır, ağlamır da... Tutaq ki, ağlamağı gəlmir. Ya gəlir, özü ağlamaq istəmir, sonra?!..
Yataq otağından mətbəxə keçib, orda krantın altında soyuq suyla üzünü yuya-yuya fikirləşdi ki, bu da bir cür zordu, anan ölübsə, demək ağlamalısan, yaxud bayramdısa, mütləq sevinməlisən... Heç sözdü?!..
Soruşan lazımdı ki, axı niyə?.. Bu, harda, hansı kitabda, hansı qanunda yazılıb ki, əzizin öləndə mütləq nə isə eləməlisən?.. Bəlkə həmin o «nə isə», hələ ondan da betəri içində gedir?!..
Arvadı mətbəxin qapısı ağzında dayanıb, saralmış üzüylə ona baxırdı...
– Bir-iki köynək qoy... – arvadına sarı baxmadan, astadan dedi – üzqırxanla, odekalon da yadından çıxmasın...
Arvadı səssiz addımlarla qapının ağzından çəkilib deyəsən yataq otağına keçdi. Anasının ölüm xəbərini eşidəndən bəri qəribəydi ki, arvadı ehtiyatla dolanmağa başlamışdı ondan.
Əl-üzünü asəlqandan tapdığı çay dəsmalına silə-silə fikirləşdi ki, görən anası necə ölüb?!.. Anasının üzünü gözünün qabağına gətirmək istədi, alınmadı. Gözünün qabağına, anasının başıkəlağayılı siluetindən, bir də torpaqla işləməkdən qaralmış əllərindən savayı heç nə gəlmədi… Anasının üzünü qəribəydi ki, dəqiq xatırlaya bilmədi. Amma iyi yadına gəlirdi… Anasından həmişə ocaq iyi, bir də təzə bişən dovğa iyi gəlirdi... Hə, dovğa iyi... Sonra yadına, həyətlərindəki ocağın üstündə yekə mis aş qazanında qaynayan dovğa düşdü... Fikirləşdi ki, gör bir haçandı dovğa yemir?!.. Arvadının dovğa bulamağa hövsələsi çatmırdı. Nə qədər qayğanaqla, kotlet yemək olardı?!.. Dəyişən bircə kotletin qarniri olurdu. Makaron, gah kartof, arada bir qarabaşaq...
Dəhlizdən telefon zənginin səsi eşidildi. Dəhlizə keçəndə, arvadı, telefon dəstəyi qulağında kiməsə astadan:
– Bəli?! Bəli, bəli... – deyirdi, rəngi dəyişirdi, gözləri halqalana-halqalana ona elə baxırdı, elə bil yenə ölən vardı.
Ürəyi döyünə-döyünə fikirləşdi ki, görən indi ölən kimdi?.. Sonra yadına düşdü ki, anasından savayı daha öləsi qohumu yoxdu.
Sonra arvadı telefon dəstəyini ona uzadıb, işarələrlə nə isə başa sala-sala boğazının damarları şişə-şişə:
– Kişidi... – pıçıldadı.
Dəstəyi əlini götürüb:
– Bəli, yoldaş Səlimov... – dedi – bəli, çox sağ olun, sağ olun... Nə danışırsız, zəhmət çəkməyin... Yaxşı, oldu, baş üstə... Sağ olun.
Dəstəyi yerinə qoyub güzgüdə özünə baxdı. Rəngi ağappaq idi...
Arvadı gəlib güzgüyə söykəndi.
– Nə dedi?.. Keçirir səni ora?..
– Hara?..
Arvadının gözünün işığı elə bil sovuşdu, əliylə tavanı göstərdi:
– Ora da...
– Səlimov kəndə gedir... – deyib arvadına elə baxdı, elə bil Səlimovun kəndə getməyində arvadının günahkar idi.
– Hara gedir, sizin kəndə?.. – arvadının gözləri böyüdü.
– ...
– Niyə?..
– Arvadı basdırmağa...
Bir müddət lal adamlar kimi bir-birinə baxdılar. Bir anlıq heç biri dəqiq müəyyənləşdirə bilmədi ki, Səlimovun kəndə getməyi yaxşıydı, ya pis. Aydın olan bircə bu idi ki, Səlimov ona, onun ağlına gəlməyən dərəcədə qiymət verirmiş. Yoxsa durub bu boyda yolu, kənd camaatının içinə, o maşında...
Başının tükləri qabardı... tələm-tələsik kənddəki evlərinin vəziyyətini, hüzr məclisinin harda qurulacağını, kimin neyləyəcəyini düzüb-qoşmaq istədisə də, fikirləri bir-birinə qarışıb alt-üst oldu. Kənddən çıxdığı, iyirmi il olardı. İndi həyətlərinin dəqiq ölçüsü belə, yadında deyildi. Sonra fikirləşib yadına salmağa çalışdı ki, anasından savayı daha kimləri qalıb kənddə?!.. Fikrini toplayıb gözünü yumdu. Yadına bir neçə tanış sifət gəldi… Deyəsən anasının bir-iki xalası qızı, bir də, hələ ölməmişdilərsə, dayınəvələri olmalıydı... Onların da yerini, yurdunu indi hardan öyrənib biləcəkdi?!..
Sonra ağlına gələn növbəti fikirdən dayandığı yerdə dik atıldı...
Yaxşı, bəs teleqramı kim vurub?!..
– Teleqram hanı?!..
Arvadı dik atılıb ona əyri-əyri baxdı:
– Nə teleqram?..
– Kənddən gələni deyirəm də...
Arvadı tələm-tələsik böyük otağa keçib orda deyəsən şkafların rəflərində eşələdi, kamodun siyirtmələrini açıb bağlaya-bağlaya kağız-kuğuzların arasında teleqramı axtardı... Arvadı o biri otaqlarda eşələnənəcən, bədənini soyuq tər basa-basa fikirləşdi ki, nə hüzr, nə filan?.. Onun vəzifəsinə yaramaz ki, durub məclis qursun, ehsan versin, nə bilim molla çağırsın...
Belə fikirləşəndə, ürəyi bir az sakitləşdi. Amma hər halda arvadı yerdən götürmək üçün kənddən beş-on adam tapmalıydı. Arvadı təkbaşına kürəyində daşımayacaqdı ki?!.. Həm də bu on-on beş ili Səlimovun yanında damla-damla, qətrə-qətrə yığıb düzəltdiyi bir balaca hörmətini beşcə dəqiqənin içində küləyə verməyə, sadəcə ixtiyarı yox idi. Sonra kənddə baş tutacaq hüzrlə bağlı mənzərələr gözünün qabağına gəldi.
…Otağın ortasına qoyulmuş tənha tabutun baş tərəfində Səlimov, ayaq tərəfində özü oturmuşdu... ikisi də, qulaqları divar saatının çıqqıltılarında, bir-birinə baxırdılar. Vaxt yetişəndə isə, Səlimov ayağa qalxıb, tabutun bir tərəfindən yapışmaqdan ötrü əyilmək istəyəndə, o, sinəsini qabağa verib, ürəyi həyəcanla döyünə-döyünə, ağlaya-ağlaya «yox!..» - deyirdi, «qoymaram!..» - deyib ağlayırdı... Sonra da tabutu kürəyinə alıb, beli qırıla-qırıla, mədəsi sökülə-sökülə kəndin qəbiristanlığına uzanan darısqal, kələ-kötür yoxuşla təkbaşına aparırdı… Apardıqca da, kürəyindəki tabutun içində, tavada qovrulan tək qovrulan anasının, hansısa çöl quşunun səsini andıran iniltisini eşidirdi… Sonra anası necəsə sivişib tabutdan yerə düşürdü... qarşısında diz çöküb, vahiməli səslə:
- Məni qucağında apar, bala… - deyirdi…
Bu yerdə tükləri ürpənə-ürpənə yadına düşdü ki, bunu yuxuda görüb…
...Arvadı əlini belinə vurub yenə onunla üzbəüz dayanmışdı:
– Tapa bilmədim...
– Bəlkə Samir bilər yerini?
Oğlu dəhlizin o biri başından çiyinlərini çəkib gözlərini döydü...
...Yazı stolunun arxasına keçib siyirmələri eşələdi, kitabların arasına, çarpayıların altına baxdı... Bəlkə heç teleqram yerli-dibli olmayıb?..
– Sən özün oxudun teleqramı?.. – gözləri qarala-qarala divara söykənib arvadına baxdı.
– Hə...
– Kim göndərmişdi, baxmadın?..
– Yadımda döyül...
Arvadını birinci dəfəydi belə görürdü... Arvadının üzü eləydi, elə bil nə isə böyük günahı vardı onun qabağında. Elə bil anasını - evlərindən çox-çox uzaq olan ucqar bir dağ kəndində, öz balaca daxmasında yaşayan qoca bir qarını o öldürmüşdü...
Fikirləşdi ki, əslinə baxsan, elə, o öldürüb. Bəli, bəli. Məgər adamı elə güllə ilə öldürürlər?!.. Allaha şükür, heç olmasa, bunu indi başa düşür. Neçə dəfə yazıq arvad diliylə deyirdi bunu, məktublarında da yazırdı ki: «…bala, gəl, apar məni yanına, təklikdən bağrım çatlayır...»
Çönüb nifrətlə arvadına baxdı. İblis sifəti ala-ala, qaşının birini qaldırıb gözünü ağarda-ağarda, həyasız səsiylə:
– Bir o qaldmışdı… – deyib ilan kimi qıvrılmağı gözünün qabağına gəldi... Yadına düşdü, necə arvadı gözünü elə ağardanda, susub quzu kimi başını aşağı salırdı, artıq bir söz deməyə qorxurdu ki, quzğun kimi üstünə şığımasın.
Elə bil yazıq arvad gəlib bunun kürəyində yatacaqdı... – fikirləşdi, mətbəxə keçib siqaret yandırdı, qaz pilitəsinə söykənib tüstünü ciyərlərinə çəkə-çəkə, yenə hüzürü necə yola verəcəyini fikirləşdi… Sonra da fikirləşdi ki, gör bir nəyin dərdini çəkir. Şəhər-zad döyül ki… nə qədər olmasa, kənd yeridi, camaat yığılıb gələcək… Ən azı, başsağlığı verib tanış olmaqdan ötrü, heç olmasa əlindən tutub görüşməkdən ötrü o qədər millət tökülüb gələcək ki... Sonra gözü, zibil vedrəsinin böyründə yerə düşən teleqrama sataşdı… Qaldırıb ürəyi döyünə-döyünə oxudu.
Cəmi dörd söz yazılmışdı: «Anan vəfat edib, gəl...»
***
Bütün yolu gah tər basırdı onu, gah üşütmə gəlirdi bədəninə...
Elə bil Ağakərim də onunla bir tər tökürdü, dəqiqə də bir, burun yaylığını çıxarıb burun-boğazını qurulayırdı.
Fikirləşdi ki, olsun ki, hava istidi.
Ağakərim dinmirdi, yola baxa-baxa elə bil fikrə getmişdi. Arada bir maşının güzgüsündən qorxa-qorxa arxaya – ona baxıb, tez də gözünü çəkirdi.
Fikirləşdi ki, bunlar niyə belə eləyir axı?!.. Məgər anası ölən tək bir odu?!.. Həyatın məlum qanunudu, kimin ata-anası dünyanı tutub dayanır ki?.. Bir də, təki Allah hamıya, elə anasının yaşadığı ömür qədər ömür versin. Bəs o cavan balasını, həyat yoldaşını, bacı-qardaşını itirənlər neyləsin, vurub özlərini öldürsünlər?.. Sonra fikrini bir yerə toplayıb yenə anası haqqında fikirləşdi. Amma nə fikirləşdiyini özü də dəqiq başa düşə bilmədi... Uzaq uşaqlıq illərindən yaddaşında qalan qırıq-qırıq, ala-bula epizodlar, anasının, əlində yekə bel, hardasa uzaqda torpağı qazmağı, həyətləri boyu qaçışan bir yığın toyuq-cücə, köhnə əl arabası və bir neçə qonşunun bir-birinə oxşayan üzləri gözünün qabağına gəldi…
Maşın çalalara düşdükcə, arxa oturacaqdakı büllur stəkan-nəlbəkilər, dəmir güldanlar, yırğalana-yırğalana bir-birinə dəyirdilər.
Çönüb yeşiklərə baxdı, ürəyi pis-pis bulandı... Fikirləşdi ki, bu güldanlar, o biri yeşiklərdəki ipək pərdələr, xaralar anasının o damısökük, yarıqaranlıq daxmasında necə görünəcəkdi?!.. Sonra bayaq evdən çıxhaçıxda, arvadının, yeşikləri qab-qaşıqla doldurdura-doldura, təlaş dolu üzüylə, boğazının damarları göyərə-göyərə dediklərini xatırladı. «O kişidən ayıbdı. Adam haqqında rəy belə-belə yerlərdə yaranır. Çatan kimi, bir-iki adam tapdır, kişi gələnəcən həyət-bacanı, evi təmizlətdir, pərdələri asdır, xalçaları sərdir, güldanları düzdür...»
Hamısının axırı da «dır», «dir», «dur», «dür»...
Tabut qoyulacaq otağın döşəməsinə sərilməli iri xalçanı Ağakərimlə bir pilləkənlər boyu sürütlədikcə, arvadının səsi bütün həyəti bürümüşdü:
-Meyitin üstü üçün xara baqajnikdədi!..
Arvadının «tədarükünü» həyətə endirib maşında yerbəyer eləyənəcən xəcalətdən əti töküldü. Xəlçə maşının yük yerinə girmirdi. Axırda naəlac qalıb, xəlçəni, Ağakərimlə bir təpikləyib maşinın yük yerinə oturtdular. Həmin məqam arvadı, bədəninin yarısınacan eyvandan sallanıb, səsinin yoğun yerinə sala-sala, yuxarıdan-aşağı, kənddə eləyəcəklərini bir-bir sadalayırdı, arvadının səsinə qonşu pəncərəlinin tayları bir-bir açılırdı, üstünə yuxarıdan-aşağı hüzn dolu başsağlıqları yağırdı, həyətdən ötənlər maşının arxa oturacağına yerləşdirdikləri, içi qab-qacaq dolu güldanlara baxırdılar. Heç kim də başa düşmürdü ki, güldanların bura nə dəxli var.
-Benzini burda doldursaq yaxşıdı. – Ağakərim yenə güzgüdən baxa-baxa dedi – O tərəflərdə benzin məsələsi müşkül olacaq.
Fikirləşdi ki, insan sabah başına nə gələcəyini bilmir. Keçən il arvadının, onu divara dırmaşdıra-dırmaşdıra aldırdığı o nəhəg iran xalçasını nə vaxtsa belə bir vəziyyətdə kəndlərinə – anasının uçuq daxmasına aparacağını bilsəydi, bəlkə də arvadını bir təhər yola gətirib həmin bu xalçanın kiçiyindən alardı, bayaqkı o əziyyətə də düşməzdilər. Xalçanı maşının yük yerinə salıb təpiklədikcə, binanın pəncərələrindən, eyvanlarından onları müşahidə edən qonşuların, həyətdən keçənlərin ayaq saxlayıb onları dövrəyə ala-ala, maşına girməyən xalçaya köməklik verə-verə, ona başsağlığı verən adamların üzləri gözünün qabağına gəldi. Əsəbilikdən gicgahı lükküldədi.
...Maşın elə uğuldayırdı, elə bil böyürlərindən qanad çıxarıb havaya qalxacaqdı.
– Bu niyə belə vığıldıyır?
– Qluşiteldəndi. – Ağıkərim güzgüdən dedi - Bu gün düzəltdirəcəydim...
Fikirləşdi ki, olsun ki, anası ölməmişdən əvvəl xəstə yatıb. Çünki, bu axır neçə ayı anasından məktub almamışdı. Nigaran da qalmışdı, kəndə getməyi də qərara almışdı. Bura gəlib çatanda, həmişəki kimi fikirləşdi ki, bu idarə işlərini andıra qalsın, işdən baş aça bilir ki, başını qaldırıb ətrafına baxsın, bir anası yadına düşsün, ölüsü, dirisi yadına düşsün?!.. Sonra pəncərədən görünən boz düzənliklərə baxa-baxa fikirləşdi ki, düzdü, kəndə getməmişdi, amma ayda altmış manatını həmişə anasına göndərmişdi. Nə yaxşı da ki, göndərmişdi. Yoxsa indi vicdan əzabından qovrula-qovrula qalardı. Bir də, beş-altı il bundan əvvəl kəndə, anasının xahişiylə, qapı-pəncərəni rəngləmək üçün üç vedrə ağ rəng göndərməyi yadına düşdü. Sonra da fikirləşdi ki, görən o vaxt kim rənləyib qapı-pənrələrini? Qəribədi ki, rəngi o vaxt kəndə göndərəndə heç bunü fikirləşməmişdi. Sonra, qara güllü çit paltarının qollarını çirmələyib evin damına dırmaşan anasını, damı rəngləyə-rəngləyə gətirdi gözünün qabağına… Yoldan ötənlərin:
– Ay Nabat!.. Yıxılarsan, ay qız, düş aşağı… – deyib anasını çağırmaqlarını, başı işə qarışan anasının onlara məhəl qoymadan, damın kənarlarıyla kəndirbazlar kimi yeriməyini, əlindəki nəhəng fırçayla, evin dörd bir yanını rəngləyib ağardmağını təsəvvyürünə gətirdi. Anası hər tərfi rəngləyib ağardıb, sonra həmin o fırçayla özünü – saçlarını, əyin-başını rəngləyib ağardırdı… Bu mənzərədən ürəyi düşdü. Çünki belədə anası ağ kəfənə bürünmüş ölüyə oxşayırdı…
...Yol dümdüz, bomboz idi. Hərdən ona elə gəlirdi maşın getmir, dayandığı yerdəcə durur. Çünki yolun kənarıyla uzanan mənzərələr dəyişmirdi. Həmin boz çöllüklər, yalın təpələr…
Həmin bu yolla iyirmi dörd il əvvəl, əyninə balaca olan qara, nimdaş pencəyi şəhərə oxumağa gəlməyi yadına düşdü... Bu yolun onda da beləcə əvvəli-axırı bilinmirdi. Onda yadına gəlir, həmin bu çöllüyü, təpələrin bu gözağlrıdan yalınlığını görmürdü. Onda ancaq, bu yolun qurtaracağında dayanıb onu gözləyən şəhərəi görürdü – geniş, işıqlı küçələri, tarım yolları, gözəl qızları və dondurmaları, nəhəng binaları, dənizi... Onda həmin bu yolu getdikcə dəqiq bildiyi bir də bu idi ki, yolun qurtaracağında durub onun yolunu gözləyən şəhərə o lazım idi. Aldığı təhsiliylə, xalqının tarixi, ədəbiyyttı haqqında əldə etdiyi bilikləriylə, vətəninə sevgisylə lazım idi. Bunu, ona anası da demişdi, ədəbiyyat müəllimi Hacıbala kişi də bu fikirdəydi.
Fikirləşdi ki, gör bir yadına nələr düşür?!.. Olsun ki, bütün bunları yaddaşı qəsdən xatırladır ona ki, orda - kənddə özünü əclaf, yaramaz oğul kimi aparmasın.
Yol bomboş idi. Bu yoldan çıxmayan iş, niyə beləydi görən?!..
Hardasa uzaqda balaca qaraltı görünürdü, getdikcə onlara yaxınlaşırdı... Eynəyini taxıb gözünü qıydı… Balaca araba idi, sağ böyrü üstə əyilə-əyilə onlara sarı gəlirdi… yolun o biri tərəfiylə böyürlərindən ötürdü… Arabanın içində oturanlar deyəsən onu görmürdülər... ya tanımırdılar?.. O isə tanıyırdı onları… yaxşı tanıyırdı... yaxın qohumlarıydı... adlarını unutsa da, üzlərini unutmamışdı... Pəncərəni açıb başını çölə çıxartdı, arabanı sürəni çağırmaq istədi... boğazını qəhər tutdu deyə, səsi çıxmadı... gözünün yaşını silə-silə fikirləşdi ki, nə yaxşı oldu, bunlara rast gəldi… yoxsa neyləyəcəkdi?.. Şəhərdən gətirdiyi bu bir anbar qab-qacağı, pərdə-xəlçəni kimə yerbəyer elətdirəcəkdi?.. Pəncərədən sallanıb arabadakılara əl elədisə də, heç birinin adı yadın düşmədi deyə, səsinə hay verən olmadı... Araba şüşənin o üzündən keçən kimi, qaralıb hərəsi bir yana əyilmiş könə təkərlərini taqqıldada-taqqıldada ötüb keçməyindəydi... Ağakərimi çağırdı ki, düşüb arabanı saxlasın… Ağakərim maşını saxlayıb, düşüb harasa getmişdi… Əl atıb maşının qapısını açmaq istədi, qapı açılmadı… onda pəncərədən çölə sallanıb:
– Dayan, ay bacı… – deyib təntidi – ay qardaş… bircə dəqiqə...
– Səid müəllim...
...Ağakərim güzgüdən ona baxırdı...
– Deyirəm bəlkə yolüstü yağdan, qənddən götürək?.
Gözləri acışdı:
– Lazım döyül...
Hə, lazım döyül... – bir də özlüyündə dəqiqləşdirdi. Tutaq ki, lap elə aldı o yağı-filanı, xörək bişirtdirəcəkdi ki?!.. Ona vaxt hardaydı?.. Dəfnin səhərisi günü təcili şəhərə qayıtmalıydı, Səlimovun, bir-birinin ardınca düzdüyü tapşırıqlarını yerinə yetirməliydi.
Sonra gözünün qabağına gəldi, necə kənddə ehsan verilir... Kənd camaatı döşəmənin üstündə bardaş qurub süfrəyə düzülən xörəklərdən, halvadan yeyib yağ iyi verə-verə, onu bağırlarına basırlar, yağlı dodaqlarıyla o üzündən-bu üzündən öpürlər, yağlı əlləriylə baş-gözünü sığallayırlar… Fuf!.
Yolun mənzərəsi dəyişmişdi. İndi hər iki tərəf yaşıl meşələr, yamyaşıl dağlar idi. Ağakərim də daha sual vermirdi, gözlərini robot kimi qabağa, hansısa nöqtəyə zilləmişdi. Elə bil sükanı da hərləmirdi. Daha doğrusu, elə bil sükanı hərləmək Ağakərimin yadına düşmürdü, arıq, sümüklü əlləri sükana yapışıb qalmışdı…
Nəhayət… Maşın nəhayət ki, sağa uzanan yola buruldu, kəndə daxil olub əyri-üyrü yollarla mərkəzinə getdi. Pəncərədən baxdıqca, ürəyi əzilə-əzilə uzaq uşaqlıq illərini, həmin bu küçələrlə at sürüb, qoyunları örüşə aparmağını xatırladı. Kənddə demək olar ki, heç nə dəyişməmişdi. Həyətlərin çəpərldəri, çəpərlərin o üzündən görünən meyvə ağacları iyirmi il bundan əvvəlki rəngində, halındaydılar…
-Burdan sola… - deyib söykənəcəyə yayxandı ki, yoldan ötənlərin gözünə dəyməsin.
Maşın sola burulub bir qədər də getdi, həyətlərinin qabağına çatanda:
-Saxla. – dedi, sonra bir müddət maşından düşməyə ürək eləmədən, pəncərədən həyətlərinə boylandı.
Çəpərin o üzündən balaca daxmalarının bircə damı görünürdü. Maşından düşüb həyətlərinə indi də ayaqüstə boylandı. Daxma həmin vəziyyətində, həmin köhnəliyi ilə, divarlarının həmin uçuq-sökükləriylə dayanıb durmuşdu…
Qəfildən hardansa çoxlu it peyda oldu... torpağı xışıldada-xışıldada, sulu dillərini sallaya-sallaya evlərin arasıyla, elə bil hardansa uzaqlardan gəlirdilər... Toparlanıb başının tükləri qabara-qabara, ehtiyatla ətrfına boylandı… Çəpərin o üzü adamla dolu idi... bayaq yolda taqqa-tuqla yanlarından ötüb keçən, üzlərindən kədər yağan həmin doğma üzlər idi... indi həmin kədərlə çəpərin arxasından ona baxırdılar...
Ürəyi döyünə-döyünə fikirləşdi ki, indi içəri necə girsin?!.. İçəri girən kimi, çəpərin o üzündəkilər üstünə yeriyəcəkdilər, əl verib onunla görüşəcəkdilər, hal-əhval tutub mənasız suallar yağdıracaqdılar… bu qədər millətlə görüşməyə isə onun nə halı vardı, nə də üzü… Ürəyi döyünə-döyünə fikirləşdi ki, içəri, hardansa ayrı yerdən, sivişib girmək, sonra oralarda bir yer tapıb hardasa gizlənmək lazım idi...
Çəpərin qapısını çiyniylə itələyib, iti addımlarla həyətə girdi, adamların arasından keçib, heç kimlə görüşmədən birbaş evə üz tutdu, özünü komaya çatdırıb qapını arxasınca bağladı, bir müddət qaranlıq girəcəkdə dayana-dayana nəfəsini nizama saldı… sonra otağa boylandı…
Tabut - üç pəncərəli böyük otağın tən ortasında, yerdə - rəngi getmiş nimdaş palazın üstündə idi… ətrafında bir neçə qadın oturub öz aralarında astadan pıçıldaşırdı, onu görüb söhbətlərini kəsdilər, yaşmaqlanıb ayağa qalxdılar, bir-birinin ardınca otaqdan çıxdılar... Səssiz addımlarla asta-asta tabuta sarı yeridi, yaxınlaşanda ürəyi düşdü… Anasının üzü açıq idi… Dizləri boşaldı… gəlib anasının başı üstündə dayandı… Vahimədən az qaldı nəfəsi kəsilə… Tabutun içindəki – anası deyildi… üz cizgiləri tamam ayrı quruluşlu, orta yaşlı, yad bir qadın idi... Bədəni vahimədən uçuna-uçuna fikirləşdi ki, bəlkə ölüm anasının üzünü bu cür dəyişmişdi?.. Balaca burnunu uzatmışdı, dərisini tarıma çəkib qırışlarını itirmirşdi, girdə, iri gözlərini kiçildib çökəyə salmışdı?.. Tabutun üstünə əyilib anasına yaxından baxdı. Yox, anası idi… Bunu, anasının boynunda saralan qızıl güddən, güdlərin arasına vurulmuş ucu gözmuncuqlu balaca sancaqdan, bir də anasının başındakı, rəngi ağarmış, güllərinin rəngi bir-birinə qarışmış şabalıdı ləçəyindən bildi... Əlini astaca anasının yanağının qırışlarına toxundurdu. Anası gözünü açıb ona baxdı...
Dik atılıb geriyə sıçradı...
...Oturduğu yerdə diksindi... Ağakərim yenə ona güzgüdən baxırdı… deyəsən səksənməyini o da hiss eləmişdi…
Maşın yolu burulub kəndə daxil olurdu, bayaqkı yuxusunun davamı ilə kəndin əyri-üyrü yollarıyla gedirdi… Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, kaş hər şey qurtarıb-bitmiş olaydı… anasını basdırıb geriyə qayıtmış olaydı. Yolların kənarıyla iki-bir, üç-bir ötüb keçən kənd adamları ayaq saxlayıb maşına boylanırdılar. Oturacağın kürəklyinə söykəndi ki, üzü görünməsin, sonra maşının arxa şüşəsindən baxa-baxa, fikirləşdi ki, hələ hər şey qabaqdadı.
– Hansı küçədi?.. – Ağakərim yekə burun yaylığını üzünə basıb, qətvəylə qurulanan təki sinəsini, kürəyini qurulaya-qurulaya dedi.
– Burdan sağa – deyib özü də maşının dönəcəyi tinə baxdı. Hər şey, yuxuda gördüyü kimi, əvvəlki qaydasındaydı. Uzun-uzadı keşməkeşli illər, o illər ki, onu – çəlimsiz, utancaq kənd uşağını şişirdə-şişirdə yoğunladıb, hər şeyin altını və üstünü bilən peşəkar məmura çevirmişdi, elə bil kəndin yanından da ötməmişdi.
Maşın darısqal dalana dönüb palçığa bata-bata bir qədər də getdi.
Əsəbiliyindən gözü qarala-qarala fikirləşdi ki, Səlimovun maşını burdan dönəndə, mütləq altı dəyəcək. Boylanıb arxa şüşədən, arxada qalan yolun əyriliyinə baxdı və fikirləşdi ki, sözsüz dəyəcək. İndi neyləsin, ikicə saatın ərzində bu darısqal dalanı necə böyütsün, yolu necə hamarlatsın?.. Sonra da fikirləşdi ki, əgər Səlimov ona bu boyda hörmət qoyub, işini-gücünü atıb o boyda yolu bu toz-torpağın içinə gəlirsə, demək yuxarı mərtəbə məsələsi düzələcək.
...Həyətləri bomboş idi. Maşından düşüb dizləri əsə-əsə evlərinə sarı boylandı. Gözünə orda da heç kim dəymədi. Daxmanın kənarında, lap qapılarının ağzında sarı dolça kimi oturan tənha pişikdən savayı elə bil evdə də heç kim yox idi... Çəpərin əyri qapısını itələyib həyətə daxil oldu.
Pişik qapının cırıltısından səksənib qaçdı. Daxmanın xırda gözlü, tozlu pəncərələrində də həyat əlaməti yox idi. Burda elə bil ölən – evin özü idi. Geriyə çönüb:
-Ağakərim! – deyə çağırdı, sonra da cavab gözləmədən ağacların arasıyla evə sarı addımladı.
Hava sakit idi deyə, həyət də, ağaclar da yuxuya bənzəyirdi… Uşaq vaxtı, anasının zoğal çubuğundan qaçıb yüuxarı budaqlarında gizləndiyi armud ağacının altında dayanıb ağacın iri gövdəsini qucaqlaya-qucaqlaya fikirləşdi ki, bəlkə hələ də yuxu görür? Sonra budaqların arasından, şarappıltıyla qara qarğa çıxdı, qanadlarını bir-birinə çırpa-çırpa, pis-pis qarıldaya-qarıldaya uçub çəpərin üstünə qondu.
Üst-başının tozunu çırpıb daxmaya sarı getdi, evə yaxınlaşdıqca, dizlərinin boşaldığını, boğazının quruduğunu hiss etdi və fikirləşdi ki, qorxur, nədi? Sonra da fikirləşdi ki, nədən qorxmalıydı ki?!..
Ağakərim çöldə idi, hələ də maşının yük yerində eşələnirdi. Geriyə çönüb, bu dəfə lap bərkdən:
-- Ağakərim!.. – deyib qışqırdı.
– Bəli... – çöldən Ağakərimin səsi eşidildi.
– Neyniyirsən orda?
– Şeyləri götürüm də...
- Sonra götürərsən, bura gəl!
Ağakərim əvvəl elə bil onun nə dediyini başa düşmədi, sonra nə fikirləşdisə, əllərindəkiləri yerinə qoyub, maşının qapılarını bağladı, pencəyini düymələyə-düymələyə həyətə girdi.
...Ev, xoşbəxtlikdən, onun gözlədiyi kimi, elə də pis vəziyyətdə deyildi. Qapı-bacası rəngliydi. Ağaclarda ara-çıra meyvələr saralırdı.
Pillələri qalxıb qapının dəstəyindən yapışdı, özünə tərəf çəkdi. Qapı açılmadı...
Dəstəyi bir də, bu dəfə ikiəlli çəkdi. Qapı yenə açılmadı. Onda çönüb rəngi ağara-ağara Ağakərimə baxdı:
– Bu nə deməkdi?..
Ağakərim qabağa keçib qapının qulpundan yapışdı, var gücü ilə özünə sarı dartdı və qapı, uzun illərdən bəri dərin, bulanıq sular altında qalan qədim gəmi qapısının xırıltısıyla açıldı... içəridən ətirşah gülünün qoxusunu andıran qəribə qoxu yayıldı...
...İçəri keçib bir müddət gözlərinin, dəhlizin qaranlığına alışmasını gözlədi. Balaca, darısqal girəcəyin qaranlığı elə bil havanı da sıxışdırıb buralardan çıxarmışdı.
Qapı ha yandaydı, yadına gəlmirdi. Əlini yana atdı... əli əhəngli divara dəydi. Gözü yavaş-yavaş qaranlığa öyrəşdikcə, yaddaşında balaca işıq yandı… Soyuq qış günlərində bu balaca girəcəkdə, yadına gəlir, dayanmaq olmurdu… taxtaları köhnəlib əyilmiş çöl qapısı altdan-üstdən yel çəkirdi. Otağın qapısı budu burda – çöl qapısıyla üzbəüzdə idi. Əl atıb qapını açdı.
Tabut, onun yuxuda gördüyü kimi, otağın ortasında, döşəməyə salınmış köhnə, ağarmış palazın üstəydi. Sağ tərəfdə - divarın dibində iki başı kəlağayılı qadın və bir kişi oturmuşdu. Kişi onları görüb ayağa qalxdı.
İçəri keçib bir müddət dinməz-söyləməz qapının ağzında dayanıb durdular. Ağakərim ayaqqabılarını çıxarıb, qadınlardan bir qədər aralıda divarın dibinə düzülən mütəkkələrdən birinin yanında bardaş qurub oturdu. Qadınlar onları görüb yaşmaqlandılar, narahat-narahat yerlərində qurcalandılar, sonra əllərini qoyunlarına qoyub gözlərini ona zillədilər.
Əsəbilikdən ürəyi döyünə-döyünə fikirləşdi ki, qadınlar ona baxırdılar ki, görsünlər o neyləyəcək. O da yəqin ki, ağlamalıydı... ya da heç olmasa, gözləri dolmalıydı. Ağlamağı isə gəlmirdi...
Tabutun, işlənməkdən qaralıb əyilmiş, əyri-üyrü taxtalarına baxıb fikirləşdi ki, çoxdanın tabutudu… bəlkə də bu kəndin bircə tabutudu... Bütün kəndi bir-bir içinə salıb qəbiristanlığa apardıqları həmin o tabutdu. Atasını da olsun ki, bu tabuta qoymuşdular, babasını da, bəlkə də bir gün bu tabuta onun özünü də qoyacaqdılar, başına yığılıb beləcə dinməz-söyləməz otura-otura götürülməyini gözləyəcəkdilər...
Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, indi olsun ki, tabuta yaxınlaşmalıdı. Əymlib ayaqqabılarına baxdı. Ayaqqabılarını çıxarmalıdı… - fikirləşdi. Ayaqqabılarını çıxarmaq istəmirdi. Özünü, bu yad adamların arasında yalın ayaqlarla təsəvvür eləyə bilmirdi. Odu ki, palazın üstünə ayaqqabıyla çıxıb tabuta yaxınlaşdı. Hə, həmin tabut idi. Tabutun əyri taxtaları, bayaq yuxuda, hərəsi bir yana əyilmiş taxta təkərlərini cırıldada-cırıldada yanlarından ötüb keçən arabanın taxtalarını xatırladırdı… Hə yadına gəlir, atasını da bu tabutda basdırmışdılar. Yoxsa, bunu da yuxuda görmüşdü?..
Atasının üzü qətiyyən yadına gəlmirdi. Hansı xəstəlikdən öldüyünü də indi xatırlamırdı… Onda axı çox balaca idi… Atasının, bircə qıçları yadına gəlirdi. Atasının qıçları təzə çörək kimi isti və yumşaq olurdu. Yadına gəlir, atasının çarpayısına qalxıb bu yumşaq, isti qıçların üstüylə atılıb-düşürdü...
Amma atasının, həmin bu tabutda, üstündə xara örtük uzanmağı qəti yadına gəlmirdi.
Tabutun önündə bir nesə dəqiqə dayanıb geriyə çəkildi, pancərənin yanında dayanan kətillərdən birinin üstünə əyləşdi.
Burdan tabutun, işlənməkdən taxtası çürüyən alt hissəsi görünürdü. Fikirləşdi ki, yuxarı mərtəbə məsələsi düzəlsə, yaxud ümumiyyətlə vəzifə başında ölsə, onu belə tabuta qoymayacaqlar. Yəqin ki, dövlət qulluqçularının basdırılma protokolu ilə qara, ipək örtüklü tabutda basdıracaqlar. Qonşu otaqlardan ölən yaşlı dövlət qulluqçularını basdırılan qaydada, tabutun qabağında bir neçə əklil, bir də onun qara haşiyəli şəkli gedəcəkdi. Sonra fikirləşdi ki, böyüdülüb qara haşiyəyə saldırmaq üçün, sən deyən, elə bir fərli şəkli də yoxdu. Gərək burdan qayıdan kimi, gedib yaxşı bir şəkil çəkdirsin. Sonra yadına, axırıncı dəfə çəkdirdiyi şəklini salmaq istədi... və belə başa düşdü ki, axır bu on ildə tək çəkdirdiyi şəkli yoxdu. Sonra yaddaşını silkələyib anladı ki, ümumiyyətlə deyəsən son on ildə şəkil çəkdirməyib. Bu fikirdən niyəsə ürəyi bulandı. Fikirləşdi ki, demək indi belə çıxır ki, həyatının bu son on ilini vizual surətdə təsdiqləyən bircə şəkli yoxdu. Sonra fikirləşdi ki, həyatının vizual təsdiqi nəyinə gərək idi axı?!.. Məgər bu on ili yaşadığını özü bilmirdi?.. Sonra beynini gərib son illərini yadına salmağa çalışdısa da, yadına, iş otağından və evinin darıxdırıcı havasından savayı bir şey düşmədi. Ən dəhşətlisi o idi ki, onun, bu axır on ildə yada salınası xoş bir xatirəsi yox idi. Neyləmişdi bu on ili, nəylə məşğul olmuşdu, necə yaşamışdı, məlum deyildi. Elə bil bu on ili gecə-gündüz yatıb qarmaqarışıq yuxular görüb indi ayılmışdı...
Qadınlar altdan-altdan onun ayaqqabılarına baxırdılar... sonra öz aralarında nə haqdasa xısın-xısın pıçıldaşırdılar... onu müzakirə edirdilər, arsızlığından, anasına laqeyidliyindən qeyzlənirdilər... – fikirləşdi və bu fikirdən ürəyi sıxıldı. Əlbəttə qeyzlənəcəkdilər, qoca anasını illərlə atıb yada salmayan, indi ölüsünə gözündən bir gilə yaş çıxmayan bu biqeyrət oğula qeyzlənməyib neyləyəcəkdilər?.. Düz də eləyirdilər, ona bu da azdı.
Sonra qadınlar, onun fikirlərini oxumuş kimi, yanında əyləşən kişiyə onu göstərə-göstərə him-cimlə nə isə başa saldılar...
Fikirləşdi ki, yəqin qovmaq istəyirlər onu burdan. Bu fikirdən bədənindən soyuq gizilti keçdi…
Kişi ayağa qalxıb ona yaxınlaşdı, əyilib qulağına:
– Görüşmək istəyirsən, üzünü açaq? – dedi.
Kişinin bu təklifi qaynar köz kimi qulağını daladı, səksənib:
- Yox... - dedi – lazım deyil... – sonra da fikirləşdi ki, niyə belə səksəndi?..
Qadınlar onun bu etirazından sonra bir-birinə baxıb pərt-pərt susdular.
Bu təzə çıxdı, - ürək döyüntüləri şiddətlənə-şiddətlənə fikirləşdi - kəfəni də açarlar?.. Müsəlmançılıqda belə bir şey var?.. Sonra fikirləşdi ki, müsəlmançılıq hardan gəlib düşdü yadına?..
Həyət qapısı cırıldayıb açıldı elə bil… yoxsa qulağına səs gəldi?.. Boylaıb həyətə baxdı. Gözünə heç kim dəymədi.
Başını aşağı salıb, şalvarının dizində pürşüklənən düyünü eşə-eşə uzun-uzadı fikirləşdi ki, niyə anasının üzünə baxmaq istəmədi?.. Anasının üzünü ki, çoxdanan bəriydi görmürdü?!.. Bayaqdan bəri də ha çalışırdı, xatırlaya bilmirdi. Arvadı – imansız da, onun kəndlə bağlı bütün şəkillərini, anası və xalalarıyla, kənd uşaqlarıyla çəkdirdiyi uşaqlıq fotolarını harasa itirmişdi. Allah bilir, o, evdə olmayanda cırıb zibil vedrəsinə atmışdı. Soruşanda da deyirdi:«yerim yoxdu...» Elə bil şəkillər maşın-zad idi, onları saxlamağa qaraj, ya xüsusi bir yer lazım idi.
Arvadı olsun ki, qəsdən belə eləyirdi. – fikirləşdi. Yəqin istəyirdi ki, unutsun hər şeyi… Harda doğulduğunu, necə böyüdüyünü, bu şəhərə necə gəlib çıxdığını… Elə bilsin elə burda – mastikayla, təzə parça iyi verən bu dördkünc mənzilində doğulub. Odu ki, də ağlaya bilmirdi. Olsun ki, yaddaşı itdiyindən ağlamağı gəlmir. Sonra nə qədər dərindən fikirləşdisə də, dəqiqləşdirə bilmədi ki, buna görə ağlaya bilmir, yoxsa ağlaya bilməməyinin ayrı, daha qorxunc səbələri var?!.. Anası da həmişə deyirdi… deyirdi: «ürək ağrımasa, gözdən yaş çıxmaz, bala…» Bir də, anasının dediyi ayrı bir söz də düşdü yadına… «Saç da ürəkdən su içər…» - anas, tökülüb nazilmiş saçlarını hörə-hörə deyirdi…
Fikirləşdi ki, olsun ki, indi onun ürəyi də, saçı kimi, rezindəndi.
Qadınlar hələ də pərt halda onun ayaqqabılarına baxırdılar...
Nə qədər istəyirlər, baxsınlar… - sağ dizini əsəbi-əsəbi titrədə-titrədə fikirləşdi. – Mən nə hayda, bunnar nə hayda…
Ayağa qalxıb yenə tabuta yaxınlaşdı.
Tabutun içində, ipək örpəyin altında yatan - elə bil anası yox, bapbalaca, arıq uşaq bədənydi. Anasının boy-buxununu, dolu bədənini, Allaha şükür, yadından çıxarmamışdı ki?! Sonra gözləri qarala-qarala fikirləşdi ki, bəlkə teleqramı səhv vurublar, ölən heç anası deyil?.. Ya bəlkə ev həmin evi deyil?.. Axı indi evlərini də, həyətlərini də düz-əməlli xatırlaya bilmir?.. Bəlkə bu ev, nə vaxtsa uşaqlıqda qonaq getdiyi, ya bəlkə yuxularında gördüyü uydurma evlərdən biridi?!.. Bu fikirdən başı hərləndi. Çönüb Ağakərimə baxdı.
Ağakərim əllərini qarnının üstə çarpazlayıb oturmuşdu, tabuta baxa-baxa fikrə dalmışdı. Ağakərim elə bil dəqiq bilirdi ki, tabutun içindəki onun anasıdı. Sonra da fikirləşdi ki, Ağakərimə nə var ki?!. Beşdə alacağı yox, üçdə verəcəyi. Sonra da otağın saralmış divarlarını, tavanını gözdən keçirə-keçirə fikirləşdi ki, kaş Ağakərimlə yerini dəyişə biləydi... Bu dəqiqə Ağakərimin yerində olmaq üçün dünyanı verərdi.
Ağakərim onun divarlara baxdığını görüb yerində qurcalandı.
Qəfildən beynindən ötən növbəti fikir sancaq kimi ürəyinin başına sancıldı...
Necə olmuşdu ki, bayaqdan bəri Səlimov yadına düşməmişdi?!.. Saatına baxıb heyrət içində donub qaldı… Demək olar, tam iki saatı Səlimov haqqında fikirləşməmişdi... Bu on ili, yəni Səlimovu tanıyandan bəri onu bu qədər müddətə yadından çıxartdığı yadına gəlmirdi. Səlimov həmişə, hər yerdə öz ata qayğısıyla, xeyirxah təbəssümüylə onunla olmuşdu.
Səlimovun, kənd məktəbi müəlliminin üzünü xatırladan ədalətli, nurlu siması gözünün qabağına gəldi. Xeyirxahlıq və mərhəmət saçan bu sima o qədər doğmalaşmışdı ona ki, axır vaxtlar oğlunu da ona oxşatmağa başlamışdı. Arvadı da deyirdi ki, oğlu böyüdükcə, Səlimova elə oxşayır, elə bil onun burnundan düşüb.
Fikirləşdi ki, bəlkə oğlu doğurdan Səlimovun burnundan düşüb?! Çünki arvadı da, oğlu ilə qəribə ehtiyatla dolanırdı, onu da uşaqla sərt davranmağa qoymurdu. Bu fikirdən sonra Səlimovun üzü, bu dəqiqə həyətin çəpərinin o üzündə dayanan qara QAZ-j4-ün arxa oturacağında böyür-böyürə söykənən yeşiklərlə bir gəldi gözünün qabağına, Ağakərimə baxıb onu him-cimlə, maşındakıları boşaltmağı başa salmaq istəyirdi ki, qadınlardan biri qəfildən fatihə verdi. O biri qadın və kişi, Ağakərimlə bir əllərini cütləyib ağızlarının içində dua oxumağa başladılar və o saatına baxıb fikirləşdi ki, Səlimov indiyə şəhərdən çıxmış olar. Demək iki saata buradadı, Allah qoysa. Belə fikirləşəndə ürəyi döyündü, ağızlarının içində xəbis-xəbis dua oxuyan qadınlara baxıb fikirləşdi ki, indi maşındakı xalçanı, nə deyib sürüsünlər içəri?.. Pərdələri nə adla assınlar, güldanları hara düzsünlər?.. Bu fikirlə otağı bir də gözdən keçirib dəhşət içində başa düşdü ki, güldanları düzmək üçün bufet yoxdu. Əsəbilikdən qulaqları uğulduya-uğulduya fikirləşdi ki, bəs anası qab-qacağını hara yığırdı axı?.. Sonra da yadına düşdü ki, anası qabları taxçaya yığırdı... Çönüb taxçanın yerinə baxdı.
Taxça o vaxtkı vəziyyətindəydi, sallaq rəfləriylə, bir neçə köhnə saxsı qablarıyla yerindəcə durmuşdu. Sonra qəfildən gözü, taxçanın üst rəfindəki firuzəyi rəngli qədim kasaya sataşdı və onda ürəyinin, tələyə düşən siçan kimi titrədiyini hiss elədi...
Kasa anasına oxşayırdı… Burda, bu evdə anasını yada salan bir şey vardısa, o da bu firuzəyi rəngli, bir yanı çatlaq, qədim kasa idi.
Gözləri doldu…
Dualarını bitirib, əlləri qoynunda oturan qadınlar onun dolu gözlərinə baxıb elə bil özlərinə gəldilər. Kişinin də elə bil rəngi özünə gəldi, ona yaxınlaşıb, astadan:
– Deyirəm götürmək lazımdı, gün enir...
– Nəyi?..
Kişi onun bu sualından pərt olub azca qızardı, sonra heç kim görməsin deyə başıyla tabuta işarə elədi.
– Şəhərdən gələn olacaq, gözləyək hələ... – deyib pəncərəyə boylandı və həyətdə – ağacların arasında gözünə bir neçə adam dəydi.
Kişi onun cavabından sonra kor-peşman halda qayıdıb bayaqkı yerində oturmuşdu. Kişiyə baxa-baxa fikirləşdi ki, səhərdən bəri heç ağlına gəlməyib soruşsun ki, bu kişi kimdi axı? Sonra bir istədi Ağakərimi yanı çağırıb deyə ona ki, öyrənsin, sonra fikirləşdi ki, bu vur-harayda işləri korlayar, lazım deyil.
Həyətdən adam səsləri gəlirdi. Olsun ki, kənd camaatıydı, arvadı basdırmaq üçün yığışırdılar. Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bəlkə basdırmaqları məsləhətdi elə?.. Belə fikirləşəndə, içində qəribə bir yüngüllük hiss elədi… Bir anlıq özünü rahat maşınında - Səlimovla birgə nəşriyyat direktorunun məsələsini müzakirə eləyə-eləyə geriyə – şəhərə qayıdan yerdə təsəvvür elədi. Səlimovu bu boyda yoldan sonra şəhərə ac aparmaq olmazdı, mütləq yolüstü yeməkxanaların birində ona qabiliyyətli bir şam dəsgahı düzəltmək lazım olacaqdı. Fikirləşdi ki, babatı Ağsu perevalıdı. Oranın yeməyi də yaxşıdı, mənzərəsi də. Həm də sakitlikdi. Söhbət əsnasında söz salıb, «mərtəbə» məsələsini bir də Səlimovun yadına salar, nəşriyyat direktorunun işini də bərkidər. Burda deyiblər: «Həm ziyarıt, həm ticarət.»
- Camaat biçindən qayıdıb… – kişi, onun pəncərədən boylandığını görüb, qəfildən dedi.
Yox, Səlimovu gözləməmiş arvadı basdırmaq düz gəlməzdi. – kişinin sözünə məhəl qoymadan fikirləşdi. Bir də kişi diliynən soruşdu ki, «Nə vaxt götürəcəksiz?» sonra da: «Özüm iştirak eləyəcəyəm...» – dedi.
Otağa bir neçə ayağıyalın, başı bağlı qadın daxil oldu, qapının ağzında dayanıb salavat çevirirdilər, yumşaq ayaqlarını döşəməyə basa-basa keçib palazın üstündə, o biri qadınların yanında oturdular və o fikirləşdi ki, bəlkə Səlimovun axırıncı cümləsi qulağına gəlib?.. Axır vaxtlar onda belə hallar tez-tez olurdu, eşitmək istədiyini, durduğu yerdə, öz-özünə eşidirdi. Hamısı yorğunluğun zibilidi… - cibindən çıxardığı yaylıqla burnunu silə-silə fikirləşdi. Bir də tutaq ki, lap elə aparıb basdırdılar arvadı, burdan da Səlimov gəlib çıxdı… Durub o boyda yolu gələn ağsaqqal adamı burda - tabutsuz-filansız qarşılayıb, bu balaca, miskin daxmada üzbəüz oturmağın məntiqi nəydi axı?.. Səlimov başğalığını ona elə idarədə də verə bilərdi.
Ağakərimin bayaqdan bəri narahat-narahat ona baxdığını hiss eləmişdi. Maşındakılar Ağakərimin deyəsən indi yadına düşmüşdü. Başıyla həyətə işarə elədi ki, «get, gətir». Ağakərim ayağa sıçrayıb otaqdan çıxdı.
Təzə gələn arvadlar cənazənin bu gün götürülməyəcəyindən xəbər tutub dilxor oldular, öz aralarında həvəssiz-həvəssiz xısınlaşıb ayağa qalxdılar, yaşmaqlanıb dinməz-söyləməz otaqdan çıxdılar.
Üzbəüz pəncərənin şüşəsinə düşən əksinə baxdı. Elə bil bu bir neçə saatın ərzində qocalmışdı. Sonra gözü tabuta sataşdı və oturduğu yerdə vahimədən az qala huşunu itirə...
…Anasının qarnı qalxıb-enirdi... Hə... anası nəfəs alırdı...
Başının tükləri qabardı... ayğa sıçrayıb dəli kimi çığırmaq istədi, bu məqam böyründə kimsə öskürüb boğazını arıtladı və onun vahiməsini sovuşdurdu. Öskürəkdən sonra anasının nəfəs almağı dayandı.
Əsəbi-əsəbi yerində qurcalanıb fikirləşdi ki, olsun ki, gözünə görünüb. Sonra yadına, yenə eynəkli əsəb həkimi düşdü. Həkim əlində balaca, gümüşü çəkic onunla üzbəüz dayanıb ifadəsiz üzüylə yenə:
– Əsəb pozğunluğudu... – dedi.
Ağakərim yeşikləri bir-bir içəri sürütləyib girəcəkdə bir-birinin üstünə, yan-yana düzürdü.
Ayağa qalxıb girəcəyə çıxdı, əllərini belinə vurub yeşiklərə baxdı. Büllur güldanlar dəhlizin qaranlığında nəhəng brilyant parçaları kimi işım-işım işıldayırdı. Ağakərim güldanlardan birini əlinə götürüb günahkar üzlə:
- Deyirəm bəlkə bunnarı soraya saxlayaq… - dedi.
- Hələ saxla, özüm deyəcəyəm. – deyib, əllərini şalvarının cibinə saldı, çönüb otağa qayıtdı, otağın ortasında dayanıb, hələ də öskürəkdən boğula-boğula göyərən kişiyə baxa-baxa fikirləşdi ki, necə eləsin ki, bu «qarğa sürüsünü» burdan bir saatlıq da olsa, çölə çıxarıb işlərini görsün?..
Qadınlar onun fikirlərini oxumuş kimi, pərt üzlərlə ayağa qalxıb, bir-birinin ardınca təhqir olunmuş yerişlə otaqdan çıxdılar. Kişi də öskürəkdən boğula-boğula özünü həyətə atdı. Gedənlərin ardınca baxıb, ürəyində:
– Şükür!.. – dedi, üzünü girəcəyə tutub:
- Ağakərim!.. – deyə çağırdı.
Ağakərim deyəsən həyətdə idi deyə, onu eşitmədi. Hövsələsi darala-darala dəhlizə çıxıb orda yeşikləri ələk-vələk elədi, pərdələrdən birini tapıb çıxardı, otağa qayıtdı. Sonra pərdə əlində, otağın ortasında dayanıb qaldı.
Pərdəni asmaq üçün asılqan yox idi.
Çöl qapısı cırıldayıb açıldı. Ürəyi həyəcanla çırpındı. Səlimovdu… Özüdü… Onu, ayaq səsindən tanıyır... Ehmal, ləng, bir qədər də axsaqsayağı... Gör bir nə vaxt...
Əlindəki çəhrayı pərdəni gizlətməyə yer axtardısa da, tapa bilmədi. Otaqda tabutdan və pəncərənin altınada divar dibinə düzülmüş dörd kətildən savayı heç nə yox idi. Odu ki, pərdəni tələsik tabutun üstünə salıb bu zirəkliyinə görə özündən xoşu gəldi.
Gələn, yenə həmin kişi idi, yalın ayaqlarıyla palazın üstünə keçib əvvəlki yerinə oturdu, qollarını qarnının üstündə çarpazlayıb məlul-məlul ona baxdı.
Ağakərim hər əlində bir güldan qapının ağzında dayanmışdı, onun əmrini gözləyirdi...
* * *
Hava qaralırdı... Fikirləşdi ki, Səlimovun gəlişi əməlli-başlı uzandı. Saatına baxdı. Altının yarısı idi.
Fikirləşdi ki, bəlkə Səlimov gələ bilməyəcək?!.. Meyit də qaldı ortada...
Sonra artıq qaranlıqlaşmış həytə baxa-baxa fikirləşdi ki, işi çıxıb bəlkə?.. Səlimovun xüsusi bir ciddiliklə dediyi: «Dövlət adamı özünə mənsub deyil…» - kəlamı yadına düşdü.
Çöl qapısı yenə cırıldayıb açıldı, qırış-büküş içində itib-batan iki balaca qarı səssizcə otağa daxil oldular, bir-birinə dayaq verə-verə, əsə-əsə keçib bayaqkı qadınların yerində, tabutun böyründə oturdular, bir müddət heysiz-heysiz nəfəs alıb, ətrafa elə baxırdılar, elə bil hara gəlib düşdüklərini müəyyənləşdirmək istəyirdilər. Qarılar elə gündəydi, elə bil bura, anasını yola salmağa yox, ölməyə gəlmişdilər.
Bir qədər sonra qapı yenə cırıldadı və otağa iki-bir, üç-bir kənd adamları daxil olmağa başladı. Otaq orta yaşlı, başı kəlağaylı qadınlarla, balaca, arıq qarılarla dolduqca, içini anlaşılmaz vahimə bürüyürdü… İçəri keçənlər hərə bir yanda bardaş qurub elə otururdu, elə bil otaq ağzınacan odlandan sonra burda nə isə baş verəcəkdi. Bir dəstə, olsun ki, biçindən qayıdan qadın tabutun baş tərəfinə keçib, onu taxçanın böyrünə sıxışdırdılar.
Bayaqdan öskürən kişi ona pərt-pərt baxıb:
– Camaat biçindən qayıdıb... – dedi.
Çox keçmədi ki, tabutun o biri üzündə, ikinci cərgədə oturan qarılardan biri asta-asta işə düşən köhnə maşın kimi, xırıldayıb öskürə-öskürə ağlamağa, ağı deyib o biriləri də ağlatmağa başladı.
– A... ay gəlin Nabat... A…ay xanım Nabat... kimə qoyub gedirsən bu ev-eşiyni?..
Otaqdakılar yaşmaqlanıb, o yan-bu yandan qarının səsinə səs verə-verə ağlaşdılar.
Gözləri qaraldı. İndi daha anasını basdıra bilməyəcəklər... – fikirləşdi – demək bütün gecəni bu qoca bayquşlarla üzbəüz oturub səhərin açılmağını gözləməliydi.
Arvadlar ağlaşdıqca, qızmar günün altında pambıq yığmaqdan, alaq vurmaqdan qaralıb qartıyan üzləri rezin maskalar kimi bürüşüb əcayib vəziyyətlərə düşdü.
Çönüb Ağakərimə baxdı və ürəyi qırıldı.
Ağakərim də ağlayırdı... Başını aşağı salıb, ağlamağını heç kim görməsin deyə, üzünü əlləriylə örtüb boğula-boğula hönkürürdü. Öz anası yadına düşmüşdü, nədi?..
Sonra əti tökülə-tökülə fikirləşdi ki, Ağakərim də bunların tayıdı. Hamısı da bekarçılığın və kütbeyinliyin parlaq fəsadları idi. Adi həyat həqiqətlərindən təsirlənib qoyun vəziyyətinə düşmək…
Tabutun ətrafında oturanlardan çoxunun üzü tanış idi. Yuxarı pəncərənin altında, bayaqdan bəri mürgüləyə-mürgüləyə divara söykənən, indi isə, arvadların kütləvi ağlaşmasından diksinib yuxulu üzlə oturan - anasının əmigəlini idi, ya əminəvəsi idi?.. Axır ki, nəydisə, əmiylə bağlı qohumuydu. O biri iki arvad da, olsun ki, onun bacıları idi. Ağlayanın üzü də tanış idi. Onu hansısa qədim fotoda, anasıyla yanbayan dayanıb çəkdirdiyi ağ-qara şəkildə görmüşdü. Ya yuxuda görmüşdü?.. Bir də necə dəqiq xatırlayaydı ki, ağı deyib fasiləsiz ağlamaqdan arvadın üzü elə günə düşmüşdü ki, anlamaq olmurdu, ümumiyyətlə bu ağlayan varlıq adamdı, yoxsa hansısa çölquşu?!.. Burdan - onun oturduğu stuldan, qarının bircə göyə açılan balaca ağzı, bir də ağlamaqdan, cərəyan vuran kimi, titrəyən şişkin burun pərəkləri görünürdü. Göz-qaşı isə görünmürdü, üzünün üst hissəsi, burnunacan çəkib bağladığı qara, ipək kəlağayının altında qalmışdı. Belədə arvadın başı hardasa, hansısa sərgidə gördüyü abstrakt formalı güldanı xatırladırdı.
Öskürən kişi bayaqdan altdan-altdan ona baxırdı.
Yenə güdür… – ürəyində fikirləşib köksünü ötürdü. Bu da deyəsən, arxa həyətdə yaşayan qonşuları Həmid kişiydi. Onu, üçbarmaqlı sağ əlindən ancaq indi tanıdı. Həmidsə, məlum məsələydi ki, bayaqdan tanımışdı onu. Yoxsa tanımamışdı, başa düşmək olmurdu. Tanımışdısa, niyə bir söz demirdi, uşqlıq xatirələrindən, anasından söz salıb danışmırdı?.. Tanımamışdısa, onda niyə belə əyri-əyri baxırdı ona?.. Neçə müddətdən bəri gəlib anasını başa çıxmadığına görə, yoxsa palazın üstünə ayaqqabıyla çıxdığına görə?.. Sonra yadına, uşaqlıqda həmin bu Həmidin onu hər cır-pırtın üstündə döyməyi düşdü. Bir dəfə Həmidə dağ çəkmək üçün çəpərə çıxıb, Həmidin canı-ciyəri olan, gecə-gündüz üstündə əsib az qala qucağında yatırtdığı boz pişiyini qənbər daşla vurub öldürmüşdü, sonra da qaçıb xalasıgildə gizlənmişdi. Onda yadına gəlir, Həmid gözləri qan çəkə-çəkə düz bir həftə kəndi bir-birinə vura-vura onu axtardısa da, tapa bilmədi. Bir həftədən sonra Həmidin hirsi soyudu. Yadına gəlir, o vaxtlar da Həmid ona eynilə belə baxırdı. İndi də olsun ki, həmin o boz pişiyin hirsi, hikkəsi idi, yığılıb içində qalan. Odu ki, elə pis-pis baxırdı ona. Sonra da fikirləşdi ki, ya bəlkə bu, heç Həmid kişi deyildi?..
Birdən oturduğu yerdə ürəyi sıxıldı… havası çatmadı. Ayağa qalxıb pəncərənin nəfəsliyini aça-aça fikirləşdi ki, bu qədər adam nəfəs aldığı balaca bir otaqda hava çatar?..
Sonra nə fikirləşdisə, otaqdan çıxmaq üçün qapıya sarı keçmək, bu tərli, isti arvadların arasından sivişib çıxmaq istədisə də, yan-yörəsinə pərçimlənən zindan kimi ağır bədənlərin sıxlığından yerindən tərpənə bilmədi. Boğazını qəhər tuta-tuta fikirləşdi ki, bu nə müsibətdi düşdü?!.. Bu nə dar tələ idi, ilişdi?..
Sonra dayandığı yerdəcə ağlına gələn yeni fikirdən içi yüngüllləşdi. Fikirləşdi ki, yaxşısı budu, yaxınlıqda oturub hələ də bayquş kimi ona zillənən Həmidə işarə eləsin, bir təhər başa salsın ki, təcili şəhərlə danışmalıdı. Şəhərlə həqiqətən danışmalı idi, bunlar burda ulaşanacan gedib mərkəzdən, ya hardansa şəhərə zəng vurub, Səlimovun çıxıb-çıxmadığını dəqiqləşdirməliydi.
Həmid kişi onun işarəsini o dəqiqə anladı, ayağa qalxıb arvadlara:
– Ay uşaq, yol verin çıxsınlar… – dedi.
Ağakərimə işarə eləyib arvadları yara-yara qapıya sarı irəlilədi. Nə ağlaşanlardan, nə yerdə oturanlardan ona məhəl qoyan olmadı, arvadlar sıxlaşıb ona yol açdılar.
Otaqdan çıxa-çıxa fikirləşdi ki, olsun ki, burda heç kim tanımır onu. Sonra da fikirləşdi ki, tanımasalar yaxşıdı, yoxsa dəstə-dəstə ardınca şəhərə gəlib xirtdəyinə keçəcəklər ki, filan işi düzəlt, filankəsi işə qoy, bəhmənkəsi instituta sal...
Balaca dəhliz də adamla doluydu. Həyətdə də adamlar vardı, ocaq qalayıb yekə-yekə qazanlarda deyəsən xörək asmışdılar.
Fikirləşdi ki, nə vaxt təşkil elədilər bu qazanları?!.. Sonra da fikirləşdi ki, kənd camaatı belə yerdə əvəzsizdi. Həyətin içindən, adamların arasıyla keçə-keçə fikirləşdi ki, görən bu boyda camaat bura kimin üzünə tökülüşüb gəlib? Onu ki, burda tanıyan yoxdu. Anası da, sən deyən, elə qohum-əqrabalı deyil. Bəs onda kim idi bu adamlar?..
Çəpərin qapısını açıb qayıdıb bir də həyətə baxdı və ürəyi atıla-atıla fikirləşdi ki, bu adamlar hər kimin üzünə gəliblər, niyə gəliblər, ən əsası odu ki, Səlimovun gəlişi üçün bütün bu mənzərə hava və su kimi yerinə düşür.
Maşına oturanda hiss elədi ki, həyətdəki adamlar çönüb onun ardınca baxırlar, sonra deyəsən evin pəncərələrindən də baxdılar ona. Ya bəlkə bu, ona elə gəldi?!..
Maşın kəndin darısqal, əyri-üyrü yollarıyla getdikcə, fikirləşdi ki, kaş bu dəqiqə bu maşınla burdan düz şəhərə - evə gedəydi… təzəcə təmirdən çıxmış ağappaq hamamında isti suyla dolu vannasına girəydi, ətirli şampunlardan baş-gözünə töküb yuduqca yuyaydı, sonra tiftikli xalatına bürünüb yerinə girəydi, moruqlu çaydan içə-içə televizora baxaydı.
* * *
...Səlimovun telefonu cavab vermirdi. Qəribəydi ki, katibəsi də yerində yox idi. Səlimovun yekəxana köməkçisi Talıbov da telefonun dəstəyini qaldırmırdı.
Saatına baxdı. Səkkizə işləyirdi. Bu vaxtlar Səlimov yerində olurdu. Onacan, hərdən lap on birəcən, gözündə qızılı çərçivəli eynək, balaca stolüstü lampasının işığında aramla nə isə yazıb-pozurdu.
Evlərinin telefonunu yığdı.
– Alo?..
– Mənəm, axşamın xeyir.
– Xeyir ola, hardan danışırsan?
– Kənddən, poçtdan.
– Basdırdız arvadı?..
– Yox, sabaha qaldı... Kişini gözləyirəm.
– Hə, sən gedəndən sonra bir də zəng vurdu.
Ürəyi həyəcanla çırpınırdı.
– Küçənin adını, bir də ananın adını soruşdu.
– Bəs nə dedin?..
– Dedim də.
– Küçənin adını dedin?..
– Dedim...
«Demək gəlir…» – qabırğalarının altı qıdıqlana-qıdıqlana fikirləşdisə də, ağlına gələn növbəti fikirdən ürəyi düşdü. Bəlkə o, bura – kənddən on kilometr aralıqdakı bu poçtamta gələnəcən, burda yarım saat oranın-buranın telefonunu yığanacan Səlimov artıq gəlib çatıb?.. Sonra üşüdə-üşüdə, Səlimovun, bahalı ağ nişastalı köynəyiylə, tünd göy qalstukuyla həmin o motal iyi verən tərli arvadların arasına girməyi gəldi gözünün qabağına... Gözünün qabağına gəldi, necə Səlimov, içi ətlə dolu buğlu qazanların arasından keçə-keçə daxmaya daxil olur, həmin o mal-qara iyi verən otağa girib, ayağını qoymağa yer tapmır… kiminsə əlini, ya ayağını tapdaya-tapdaya yuxarı başa keçmək istəyəndə, qolundan çəkib yerə oturdular, kürəyi üstə yıxıb ayaqqabılarını ayağından çıxarırlar, başına ikiəlli qapaz salıb:
- Di ağla, köpəy oğlu!.. – deyirlər - o biqeyrətin yerinə sən ağla! – deyirlər.
Poçtdan çıxıb üşüyə-üşüyə özünü maşına saldı, pəncərənin şüşəsini qaldırıb:
– Tez ol, kəndə… – dedi.
Maşın bayaq gəldikləri yolu göz qırpımında qayıtdı, tini burulanda, evlərinin qabağına aparan admla dolu yolu görüb anladı ki, Səlimov hələ gəlməyib.
Həyətdə camaat bayaqkına nisbətən elə bil bir az azalmışdı, amma ev yenə adamla dolu idi. İndi də evin hansısa tərəfindən, tərli arvadların içindən başqa bir qarı səsi hörükə-hönkürə, nə isə hörük barədə deyib ağlayırdı.
Otağa girmədən, girəcəyin pəncərəsindən qaranlıq həyətə baxa-baxa fikirləşdi ki, yəni Səlimov gəlməyəcək?.. Ya bəlkə kəndi səhv salıb?..
– A - ay sonsuz Nabat!.. – qəfildən arvadlardan hansısa qıyya çəkib tövşüyə-tövşüyə ağladı – A-ay qaragün Nabat!.. Tənha söyüd kimi saralıb soldun... – deyib nəfəsi kəsilə-kəsilə elə hıçqırırdı, elə bil özündən getdi.
Fikirləşdi ki, indi birdən bu havasızlığın, bu vay-şivənin içində kiminsə nəfəsi kəsilib öldü, onda necə olacaq?!.. Onda bütün otaq yumruq kimi birləşib ona sarı çönəcək, öləni onun gözünə soxub:
– Bunu da sən öldürdün!.. – deyəcəklər – Sən ağlamadın, o ağladı, odu ki, də öldü! – deyəcəklər, sonra öləni unudub vəhşi gözlərlə onun üstünə yeriyə-yeriyə – Bəs sən niyə ölmürsən, ay qurumsaq?.. – deyib əynindəki pal-paltarı cırıq-cırıq eləyəcəklər, saçlarını yolub, təpiklərinin altına salacaqlar…
Belə fikirləşdikcə, arvadın hər hıçqırığına az qalırdı ürəyi dayana. Arvadsa ağlamaqdan doymaq bilmirdi, dünyada nə qədər yandırıcı, göynədici sözlər vardısa, tapıb bir ucdan deyirdi, sonra da ağlaya-ağlaya göyərib özündən gedirdi.
...Fikirləşdi ki, elə bil bayaq da beləcə göyərə-göyərə kimsə «sonsuz» deyib ağlayırdı anasına. Onun sağ olduğunu bilmirdilər, nədi?!..
Bir istədi başını içəri salıb bir-iki söz desin. Desin: «Sonsuz niyə olur, axı Nabat?.. Nabatın mənim boyda oğlu var, gəlini, nəvəsi var...», amma sonra fikirləşdi ki, qayıdıb deyərlər ona ki, bəs hardaydınız bu vaxtacan?..
Ağlayan kim idisə, onun içəri girdiyini görüb susdu. O birilər də ona baxıb yerlərində elə qurcalandılar, elə bil onun şəhərdən bura gəlməyindən indi xəbər tutmuşdular.
Hiss elədi ki, otaqda – arvadların arasında kimsə onun, ağzını açmağını gözləyir ki, qolundan çəkib onu otağın ortasına gətirsin, qıyya çəkə-çəkə:
- Ay sənin oğul boyunu yerə soxum! – desin, yandığından üz-gözünü cırsın…
Əlləri cibində otağa ötəri göz gəzdirdi. Arvadlar yaşmaqlanıb fikrə getmişdilər elə bil.
Sonra bütün o mənzərəni gözünün qabağına da gətirdi… Necə arvadlar qolundan tutub onu üzü üstə yerə - tabutun böyrünə yıxırlar, köynəyinin yaxasından tutub silkələyə-silkələyə:
- Bəs indiyəcən hardaydın, ay əclaf?.. – deyirlər…
Fikirləşdi ki, onda gərək tarix-nadir açaydı ki, filan vaxtdan filan yerdə işləyir, orda işləyənin nəinki anası, heç özü də öz yadına düşmür və sair və ilaxır.
Otağa qəribə bir sükut çökmüşdü. Arvadlar palazın üstə oturub dinməz söyləməz ona baxırdılar. Stulda oturan bircə o idi deyə, ona altdan-yuxarı baxırdılar. Elə də baxırdılar, elə bil onları yerdə, ayağının altında o oturtmuşdu.
Əstəğfurullah!.. Bu nə işdi düşdü?! Bu arvadlar nə istəyirdilər ondan? Durub o boyda yolu gəlmişdi, daha neyləməliydi?.. Əlini şalvarının cibinə atıb yaylığını çıxartdı ki, burunu silsin və fikirləşdi ki, olsun ki, arvadların yadına yenə onun ağlamağı düşmüşdü.
Yaylığı səliqə ilə dörd qatlayıb cibinə qoydu, sağ qıçını əsdirə-əsdirə fikirləşdi ki, ölsələr də ağlamayacaq. Lap belə ayağının altına sərilib ulaşsalar da. Ölün elə!.. Baxın üzümə! Baxın, görək nə qədər baxacaqsız. Ay kütbeyin insan. Gör bir sən nədən həzz alırsan, nəylə rahatlıq tapırsan?!.. Göz yaşı, qan-qəltan!.. Tfu!!..
Sonra fikirləşdi ki, qan-qəltanın bura nə dəxli var?!.. Yan-yörəsinə baxıb Ağakərimi axtardı. Ağakərim yox idi. Olsun ki, hardasa çöldə ilişib qalmışdı. Həyətdə, ya da bəlkə girəcəkdə dayanan adamlarla söhbətə girişmişdi. Ya bəlkə adamların arasından keçə bilməmişdi?..
Yuxarı başda, pəncərənin altında oturub bayaqdan bəri xısın-xısın ağlayan iki ortayaşlı, tanış üzlü qadın ayağa qalxıb sakitcə otaqdan çıxdılar. Onların ardınca qadınlar iki-bir, üç-bir dağılışmağa başladılar… Dizlər, topuqlar şıqqıldadı, burunlar çəkildi, hərə bir ucdan dikəlib: «ya Allah» dedi. Həmid kişi də hardansa böyründən bitib gizli bir tçlaşla gözünün içinə baxa-baxa:
– Sübh tezdən basdırmaq lazımdı. Meyiti çox saxlamazlar. – deyib çıxdı.
Bir azdan otaq bomboş boşaldı. Bir tabut qaldı, bir də o.
Otağın boşluğundan, ya nədənsə, tabut elə bil bayaqkından böyük gəldi ona. Bir qədərdən sonra Ağakərim gəlib çıxdı, ardınca qaçan varmış kimi təngənəfəs halda:
- Hamısını yerbəyer elədim. Bircə güldanlarla, pərdələr qaldı… -deyib həmişəki adətiylə keçib küncdə bardaş qurdu, cibindən çıxardığı yekə yaylığıyla boyun-boğazını qurulayıb yaylığı pencəyinin cibinə basdı, əllərini qarnının üstündə çarpazlayıb deyəsən yenə mürgüləməyə hazırlaşdı.
Fikirləşdi ki, indi daha o yan-bu yanı yoxdu, Səlimov gəlməyəcək. O da səhərin gözü açılanacan bağrı çatlaya-çatlaya dörd divarın arasında bu çəhrayı tabutla üzbəüz qalacaq.
Bu fikirdən bədəninə soyuq tər gəldi. Odu ki, özünü sakit eləməkdən ötrü tez fikirləşdi ki, eybi yox, dörd divar arasında oturub saata baxa-baxa vaxtı güdməyə çoxdan vərdiş eləyib. İntəhası orda, iş yerində televizor var, heç olmasa, qəzet-jurnal var, burda neyləyəcəkdi?..
Üzbəüz divarın güncündə duran qədim minalı sandığın üstünə yığılan yorğan-döşəyə, güllü balışlara baxdı. Bəlkə yer salıb yatsınlar?
Sonra yadına düşdü ki, yatmaq fikrinə düşsələr, demək tabutun böyründə uzanmalı olacaq. Tabutla da yatmaq olar?.. – urəyi sıxıla-sıxıla fikirləşdi. Vaxtında bu birotaqlı komanı böyüdüb bir-iki otaq da əlavə elətdirsəydi, indi adam kimi o biri otaqlarda yer saldırıb yatardı.
Ayağa qalxıb döşəməni cırıldada-cırıldada o baş-bu başa yeridi. Sonra gəlib tabutun baş tərəfində dayandı. Tabutun çəhrayılığı, gecə düşdükcə göz ağrıdırdı.
Fikirləşdi ki, belə dayananda, anasının başı onun ayağının altına düşür. Çöməlib örtüyün üstündən də olsa, anasının başına sığal çəkmək istədi və elə o dəqiqə də sıçrayıb ayağa qalxdı.
Fikirləşdi ki, niyə anasının ölüsündən belə qorxur?!.. Yeyəcəkdi onu, nədi?!..
Döşəməni cırıldada-cırıldada pəncərənin qabağına keçib, bir müddət də orda dayanıb adamsız, qaranlıq həyətə baxa-baxa fikirləşdi ki, bu döşəmə niyə belə cırıldayır görən? Olsun ki taxtaları çürüyüb. Sonra fikirləşdi ki, anasıı basdırandan sonra bu daxmanı neyləsin, satsın?.. Əlbəttə ki, satmalıdı. Satmayıb - neyləyəcəkdi ki?.. Nə versələr, Allah bərəkət versin. Sonra yadına, arvadının, hələ ötən ildən bəri onun beynini çürüdə-çürüdə, almaq istədyi çöl pişiyi şubası düşdü və fikirləşdi ki, bu daxma olsa-olsa, o qiymətə ancaq olar.
Ağakərim deyəsən mürgüləmişdi, cırıltıyla diksinib ayıldı, ayağa qalxmaq istədisə də, çiynindən basıb imkan vermədi:
– Əyləş, əyləş… dincəl, sabah işimiz çox olacaq. – dedi.
Ağakərimin gözləri ağlamaqdan idi, ya yuxusuzluqdan idi, şişib qızarmışdı.
Döşəməni cırıldada-cırıldada qayıdıb girəcəyə, ordan da həyətə çıxa-çıxa fikirləşdi ki, səhərdən bu gözəl fikir niyə gəlməyib ağlına ki, çıxıb gül kimi havada - həyətdə otursun?..
Həyət sakit və qaranlıq idi. Qazanların altı təzəcə sönmüşdü deyə, yanlarından keçəndə təzə, yağlı mal ətinin iyi gəlirdi. Aclığı yox idi, odu ki, əllərini cibinə salıb ağacların arasıyla gəzişdi.
Qəribədi ki, ağaclar qocalmamışdı… Torpaqdan da, o vaxtkı kimi, təzə ot iyi gəlirdi. Meyvələr də elə bil həmin meyvələr idi, elə bil bu iyirmi ili şəkil kimi yerlərindəcə donub qalmışdılar.
Fikirləşdi ki, Allah billə, o da qocalıb öləndə, bu meyvələr beləcə arsız-arsız saralacaq.
Həyət elə bil böyümüşdü. Ya ona elə gəlirdi?!.. Aşağı başdakı tövlə də, tövlənin böyründəki dərin təndir də həmişəki vəziyyətindəydi. Təndiri anasıyla birgə qazıb düzəltməkləri, gilini ana-bala bir yerdə odda yandıra-yandıra bişirməkləri yadına düşdü. Sonra yadına, həmin bu təndirə düşüb közdə yanması, ansının, əl-ayağı əsə-əsə suluqlarına yumurta ağının köpüyünü tökməsi düşdü…
Sonra fikirləşdi ki, həyəti gəzdikcə, olsun ki, yadına, o vaxtlarla bağlı hələ çox şey düşəcək. O qədər xatirələrin da hər biri haqqında fikirləşib nəyisə xatırlamağa isə nə həvəsi, nə də heyi var. Hava da soyuyurdu.
Qayıdıb evə girdi, gəlib bayaqkı yerinə oturdu. Ağakərim başını yükə söykəyib əməlli-başlı yatmışdı, ara-sıra kəsik-kəsik xoruldayırdı. Burdan baxanda, Ağakərimin başı görünmürdü, elə bil başını kəsmişdilər.
Sonra dizi üstə düşüb, bardaş qurmaqdan ötrü ayaqlarını bir-birinə keçirdi və hiss elədi ki, şalvarının arxa tikişlərindən bir-ikisi söküldü.
Anasının başı indi lap yaxınında idi, əlini uzatsaydı, toxuna bilərdi.
Əlini uzatmadı. «Ölüyə toxunmazlar, bala…» - vaxtı ilə kimdənsə eşitdiyi bu ibrətamiz məsləhəti yadına salıb fikirləşdi ki, görən indi anasının üzü necədi?!. Rəngi saralıb, yoxsa heç dəyişməyib?.. Sonra hansısa jurnalda, ölən insanın dərisinin çürümə prosesi haqqında oxuduğu elmi məqalə yadına düşdü və fikirləşdi ki, olsun ki, rəngi hələ dəyişməyib. Əvvəla ona görə ki, hava sərin idi, ikincisi də, onün hesabıyla anası dünən keçinmişdi. Bir də be lə baxanda, anasının bədənində çürüməli bir şey də yox idi. Anası çox qoca idi, axır illərsə qocalıqdan, ya nədənsə arıqlayıb sür-sümüyə dönmüşdü.
Çöldə nə isə buppuldadı, yoxsa onun qulağına səs gəldi?.. Bu axmaq fikirləri başından dağıtmaq üçün, sabah şəhərə qayıdanda görəcəyi işlər barədə fikirləşməyi qərara aldı.
Sabah ən ürəkbulandıran məsələ – Mədəniyyət Nazirliyinin akt zalında oxuyacağı məruzəydi. «Müasir teatr və onun problemləri». Məruzə hələ yazılmamışdı, şəhərə qayıdan kimi, əlninin altında olanları toplayıb bir gününü bu məruzəni hazırlamağa sərf eləyəcəkdi. Fikirləşdi ki, teatrdan ömrü boyu zəhləsi gedib, indi onun problemlərinin içində eşələnməliydi. Çarəsi nə idi?.. Ağa dedi: «Sür dərəyə!» - sür dərəyə. Məruzəni, Slimov deyən kimi, iyirmi dəqiqəlik - həmişəki girişi və sonluğuyla hazırlayacaq. «Nəzarəti gücləndirmək! Səviyyəni artırmaq! İri, inamlı addımlarla irəli – gələcəyin teatrına addımlamaq!»
Əvvəllər yadına gəlir, hər belə məruzədən qabaq iki-üç gün hazırlaşırdı, gecələr yatmırdı, kitabxanadan ədəbiyytlar gətizdirib, gözləri dörd ola-ola onların içində eşələnirdi, məruzəyə işləyəcək faktları tapıb seçirdi. İndi isə nə mövzuda deyirsən, iki saat, lap üç saat məruzə eləyə bilərdi. Adətkərdə olmuşdu daha. Əsas məsələ – mövzu ətrafında ümumi danışmaq, bacardıqca, beynəlxalq terminlərdən istifadə etmək, heç nə barədə konkret fikir söyləməmək və sair və ilaxır idi. Fikirləşdi ki, jurnalistliyin axır ki, nə qədər olmasa, xeyri dəyib ona. O ümumiləşdirmə ki, var ha, qurban olasan ona, hara desən, aparıb çıxarsın səni. Sonra yadına, bu günə çağırtdırdığı adamların siyahısı düşdü və fikirləşdi ki, poçta getmişkən, gərək katibəsinə zəng vurub, bu günə yazılanların qəbulunu sabaha təyin eləyəydi.
Sonra, bu gün qəbuluna yazılanların arasından, «Şavalan» nəşriyyatının direktoru düşdü yadına. Direktor - orta yaşlı, gözəl bədənli bir qadın idi. Gözlərini süzdürə-süzdürə, saçını düzəldə-düzəldə otaq boyu o yan-bu yana gəzişə-gəzişə gözünün qabağına gəldi... gəlib onunla üzbəüz əyləşdi…
Bu məqam elə bil tabutun örtüyü tərpəndi... Ya ona elə gəldi?..
Anası deyəsən yenə nəfəs almağa başlamışdı. Otaq boşalmışdı deyə, anası indi daha rahat nəfəs alırdı...
...Vahimədən az qaldı nəfəsi kəsilə... Ağakərimi çağırmaq istədi, səsi çıxmadı… səsi sinəsinə ilişib qaldı. Gözləri qarala-qarala otağa nəzər salıb Ağakərimi axtardı… baxdı ki, Ağakərim, başı hələ də yükə söykənmiş vəziyyətdə yatıb. Sonra boğazının yolu gizildəyə-gizildəyə:
- Ağa - kərim… - deyə pıçıldadısa da, Ağakərim onu eşitmədi və o, başının tükləri qabara-qabara fikirləşdi ki, demək indi o, burda - arada bir nəfəs alan ölü anasıyla belə çıxır ki, təmtəkdi.
Ayağa qalxmaq istədisə də, bardaş qurub oturmaqdan, ya nədənsə, ayaqlarını hiss eləmədi. Gözlərini gərib, ürəyi sıxıla-sıxıla tabuta bir az da diqqətlə baxdı...
Hə... çəhrayı örtük anasının qarnıyla bir aramla qalxıb-enirdi...
Başını aşağı əyib qulağını anasının ağzına tutdu ki, görsün nəfəs alır, ya yox. Anası aram-aram nəfəs alırdı...
Anası olsun ki, bayaqkı o ağlaşmadan oyanmışdı... – ayaqlarının keyü bədəni boyu üzüyuxarı yayıla-yayıla fikirləşdi. Özünü toplayıb, tərpənmək - ayağa qalxıb, bu qorxünc otaqdan qaçmaq istədisə də, yerindən tərpənə bilmədi... Anasının dəmir kimi soyuq əli boğazına keçmişdi...
Qışqırmaq istədi, səsi yox idi... Anasının, örtüyün altından sivişib çıxan əli, yanğından qaralmış kimi qapqara idi… örtüyünün altından xəstə xırıltısı eşidilirdi…
– Buraxmaram daha... qoymaram gedəsən... – anası deyirdi – heç olmasa, meyitimin yanında otur...
Az qaldı ürəyi dayana... Nəfəsi yığılıb qupquru tikə kimi boğazının yoluna ilişdi… qışqırmaq, Ağakərimi köməyə çağırmaq istədi… səsi yenə çıxmadı...
- Balamsan... – anası örtüyün o üzündən pıçıldayırdı – bax, bu qarnımdan çıxmısan... Yadındadı, səni çimdirdiyim?.. Çəlləkdə suyla oynamağın?.. Təndir yapmağımız?.. Yadındadı, səni döydüyüm zoğal çubuqları?.. Döyüb öldürdüyüm...
Sonra nə oldusa, qəfildən anasının səsi dəyişdi, canavar səsini andıran qorxünc, yırtıcı səslə:
– İndi də döyüb öldürərəm səni, köpək oğlu!.. –dedi.
Qəfildən hardansa elə bil qüvvə gəldi qollarına ki, çırpınıb anasının əlindən qurtuldu, tabutdan kənara sıçrayıb vahimə içində:
- Ağakərim!.. - deyib bağırdı...
…Ağakərim ona sarı əyilib yuxulu gözləriylə üzünə baxırdı...
Başı, bayaqdan bəri söykədiyi divarın soyuğunu çəkmişdi deyə, donu açılırmış kimi, gizildədi. Gicgahını ova-ova otağa baxdı.
Tabut əvvəlki vəziyyətindəydi. Anası nəfəs almırdı.
Yenə yuxulamışdı, nədi?!.. – fikirləşdi - demək yuxu görürdü... Bu necə yuxu idi?.. - yadına saldıqca, içi titrədi...
Ağakərim ayağa qalxıb:
– Mən maşındayam... – dedi – gedim bir az işlədim, akkamulyator yatmasın… - sonra, ətəkləri, işlənməkdən yığılıb gödələn pencəyini düymələyə-düymələyə otaqdan çıxdı.
Ağakərimin nə dediyini, Ağakərim otaqdan çıxıb evin qapısını bağlayanda başa düşdü. Ağakərim olsun ki, maşında yatacaqdı. Burda yatmağa utanırdı. Ya bəlkə qorxurdu?.. Ya da ola bilsin, yeri narahat oldu?.. – fikirləşdi.
Yuxunun vahiməsi hələ də canındaydı... yenə üşüyürdü...
Pencəyinin yaxalığını qaldırıb, saatına baxdı. İkiyə işləyirdi…
Küncə qısılıb fikirləşdi ki, səhərə hələ gör bir neçə saat var?!.. İndi bu qədər saatı burda neyləyəcəkdi?..
Evin içində elə bil külək əsirdi. Hardansa küləyin vıyıltısı da eşidilirdi. Vıyıltı bayaqkı yuxusunun ardına oxşayırdı.
Sonra nə oldusa, qorxudan, ya bayaqkı yuxunun təsirindən, ya nədənsə, birdən-birə anasının üzünü, iyirmi il əvvəldəki kimi apaydın gördü.
Bu, on beş-iyirmi il bundan əvvəlki, əlli yaşlı anası idi… xınalı saçları səliqəylə hörülüb çiyinlərinə atılmışdı... Sonra yadına, uşaqlıq vaxtı anasının, onu döyməyi düşdü. Onda anasının üzü elə vahiməli olurdu ki… xırda gözlərinin ağı böyürürdü, qarası kiçilirdi, dodaqları, ağlayacaqmış kimi, aşağı gərilirdi... Əlində nazik zoğal çubuğu, o da olmayanda, yaş qamış, iri addımlarla üstünə yeriyib, yekə əlləriylə onu taxçanın içindən, stolun altından çıxarıb o ki, var döyürdü, canına yığılan hirsini, hikkəsini beləcə soyudurdu. O isə, yadına gəlir, çubuqdan da, qamışdan da çox, anasının həmin o vahiməli üzündən – hirslənəndə ağı böyüyyüb, qarası kiçilən xırda gözlərindən qorxurdu…
Evin içiylə əsən külək tabutun üstü ilə dolanıb örtüyünü tərpədirdi... Örtük tərpəndikcə, hiss eləyirdi, necə bədəni boyu irili-xırdalı bütün damarları gizildəyir... Hardan axıb gəlirdi axı bu külək?!.. – otağın dəlmə-deşiklərinə göz gəzdirə-gəzdirə, ürəyi sıxıla-sıxıla fikirləşdi. Sonra ayağa qalxıb döşəməni cırıldada-cırıldada dəhlizə çıxdı və hiss elədi ki, arxası tabuta dayananda daha çox vahimələnir. Sonra qəfildən, elə dayandığı yerdə ürəyinin tük nazikliyində olan hansısa damarıyla birdən-birə anladı ki, anası ölməyib... bu dəqiqə örtüyün altında gözüyumulu uzanıb, özünü ölülüyə vura-vura arxadan ona baxır… onu bura çəkib gətirməyin dərdindən belə eləyir... Gör bir axı neçə illərdən bəriydi anası, qapıdan keçməyəndə, az qala bacadan atılan məktublarında da bunu yazırdı, telefonda da sıtqıyıb zəhləsini tökə-tökə:
– A bala, gərək elə öləm, gələsən?!. – deyirdi.
Həmişə də tərs kimi, ən yöndəmsiz vaxtlarda zəng vururdu. İşinin ən qızmar məqamında, yaxud iclasın ortasında, ya evə adam gələndə, ya o arvadıyla geyinib-keçinib tələm-tələsik harasa gedəndə, qapıdan çıxhaçıqda, çörək yediyi yerdə, futbolun ən gərgin dəqiqələrində və sair və ilaxır.
Geriyə çöndü...
Tabutun örtüyünün ətəkləri asta-asta tərpənməkdəydi...
Yaxşısı budu, çıxsın burdan, canını bu çəhrayı tabutdan, bir-birinin ardınca beyninə süzülən lazımsız xatirələrdən qurtarsın.
Girəcəyi keçib həyətə çıxdı və həyətin mənzərəsindən ürəyi qırıldı…
Həyət - yarımca saat əvvəl çıxıb gəzişdiyi həmin sakit yuxuya bənzər həyət deyildi. Nə vaxtsa qalxmış güclü külək həyətin torpağını göyə üfürürdü, ağacları bir-birinə çırpa-çırpa, meyvələrini yerə tökürdü... Haradasa, nəyinsə qapısını cırıldada-cırıldada vurub-açırdı... Sakit duran - bircə, qapağına iri daşlar qoyulmuş nəhəng xörək qazanları idi.
Bir müddət balaca artırmada dayanıb dura-dura, baş-gözü küləyin, üstünə səpdiyi toz-torpaqla dola-dola fikirləşdi ki, ə vaxt qalxmışdı bu külək, hardan, hansı tərəfdən əsməyə başlamışdı?!.. Sonra həyətə düşüb, çöl qapısına aparan cığırla getdi, küləyin vurub açdığı, bayaqdan bəri yiyəsiz evin qapısı kimi o yan-bu yana çırpdığı qapını aralayıb çölə çıxdı, qapının ağzında dayanan maşına yaxınlaşıb şüşəni taqqıldatmaq istədi, sonra nə fikirləşdisə, əlini saxlayıb, üzünü maşının şüşəsinə dirədi, içəri baxdı.
Ağakərim yatmışdı... Sakit, rahat bir yuxu görürdü deyəsən. Üzündə elə bir məmnun ifadə vardı, elə bil maşında, yarıoturaq vəziyyətdə yox, öz evində, rahat yorğan-döşəyində yatmışdı. Maşının qapılarının şüşələrini bağlayıb, pencəyini üstünə salıb, çölün qorxunc qaranlığından, ac canavar kimi ulayan küləyin səsindən, tabutun dəqiqədə bir öz-özünə tərpənib yellənən örtüyündən xəbərsiz halda olsun ki, indi - içi günəş və gül-çiçək dolu gözəl bir yuxu görürdü…
Ağakərimin anası çoxdan ölmüşdü, - fikirləşdi - odu ki, dünya vecinə deyildi. Bəlkə ona görə də Ağakərim onun gördüyü yuxuları görmürdü. Ağakərim xoşbəxtdi...
Külək onu yerində dinc durmağa qoymurdu, küçənin çınqılını üzünə çırpa-çırpa, sinəsindən itələyib elə bil harasa geriyə aparmaq istəyırdı. Tozanaqdan çəpərin o biri üzü görünmürdü. Kəndin özü də toz dumanının içində itib-batmışdı. Yerin qumu havaya qalxıb nəhəng fırfıra kimi burula-burula kəndin ortasına sarı gedirdi, hər şeyi bir-birinə qatıb qarışdıra-qarışdıra süpürüb harasa aparırdı...
Qalan bircə onlar idi. Onlar da burda – xırdagözlü pəncərələrindən izəif şıq süzülən balaca daxmanın tabutunun ağırlığından havaya sovrulmamışdılar. – fikirləşdi.
Sonra hardansa yadına, dünənki gecənin yuxusu düşdü. Fikirləşdi ki, olsun ki, bu, həmin o yuxudakı küləyin vıyıltısıydı, gecədən bura onu dəng eləyə-eləyə, uğuldayıb canına üşütmə sala-sala, həm də daha qorxunc olan yenə nə isə eləyirdi...
Yaxalığını dartışdırıb, boyun-boğazını bağlaya-bağlaya fikirləşdi ki, ya bəlkə bu da yuxuydu, dünənki yuxusunun ardıydı?.. Başı-ayağı bilinməyən bu qorxunc gecə, bu məkrli külək, maşının içində əbədiyyət yuxusuna getmiş Ağakərim, örtüyü havalı çəhrayı tabut...
Həyətə girib çölqapısını bağlamaq istədisə də, cəftəni tapma bilmədi. Olsun ki, cəftə küləyin badına getmişdi… - fikirləşdi, sonra daxmanın pəncərələrinə baxıb ürəyi sıxıla-sıxıla fikirləşdi ki, ölsə də, bir daha ayağını kandardan içəri qoymayacaq. Sübhün açılmağını burda - bu tufanın içində oturub gözləsə yaxşıdı... Səhərin açılmağına da olsun ki, bir o qədər də qalmayıb – fikirləşdi və saatına baxdı. Üçün yarısı idi...
Əsəbi-əsəbi fikirləşdi ki, elə bil yalvaran-zad var idi, bu Səlimova ki, «sən Allah, dur bura gəl…» Gəlməyəcəkdisə, bu nə hoqqaydı, çıxarırdı?.. Niyə onu gecənin bu vaxtında, çölün düzündə avara qoyurdu? Bu da adamı bir cür ələ salmaqdı.
Bu məqam Səlimov alicənab üzüylə, asta yerişiylə gəlib durdu gözünün qabağında:
– İş çıxdı, sən canın, üzürlü hesab elə. Allaha şükür, özün məndən yaxşı bilirsən ki, günümüz it günüdü. – dedi - sonra çal saçlarını geriyə sığallaya-sığallaya – Darıxma… – dedi – sübh tezdən ordayam.
Hə, olsun ki, səhər Səlimov gələcəkdi... – fikirləşdi – mütləq gələcəkdi. Yoxsa, niyə zəng vurub onu yerindən oynadırdı ki?.. Bir də, Səlimov gəlib çıxmasaydı, elə bil bu uzun-uzadı, qaranlıq, qorxunc «yuxunun» sonu olmayacaqdı… - fikirləşib yorğun-yorğun əsnədi.
Sonra həyətin arxa tərəfində nə isə şarappıltıyla yerə dəyib həyət boyu diyirləndi və gəlib evin artırmasına söykəndi.
Eynəyini düzəldib baxdı ki, içiboş çəlləkdi. Uşaqlıqda, qış vaxtı içinə isti, istilərdə isə soyuq su doldurub mahnı oxuya-oxuya çimdiyi çəllək.
Boğazı, qupquru qurumuşdu. Olsun ki, bayaqkı yuxunun təsirindən idi… ya da Allah bilir, yenə şəkəri qalxmışdı. Çəlləyin gillənib gəldiyi arxa tərəfdə quyu vardı, yaxşı yadındadı. O quyu hardasa evin sağ tuşunda - çəpərin dibində olmalıydı.
Əllərini şalvarının ciblərinə salıb üşüyə-üşüyə, bədəni, küləyin uğultusundan uçuna-uçuna evin arxa tərəfinə addımladı. Tozanağın içində yenilməz qala kimi təmkinlə dayanan daxmanın böyründən ötdükcə, boylanıb pəncərədən içəri, baxdı… və ürəyi az qaldı dayana...
Otaq bomboş idi... Bayaq otağın tən ortasında, köhnə palazın üstündə çəhrayı qayıq kimi dayanan tabutdan əlamət yox idi... Elə bil heç bu otaqda yerli-dibli tabut olmamışdı...
Pəncərəyə yaxınlaşıb üzünü şüşəyə dirədi, otağı bir də, bu dəfə hər tərəfini gözdən keçirdi.
Hər şey yerindəydi. Qapı da, pəncərələr də, döşəmə də, palaz da, əyri taxça da. Bircə tabut yox idi.
Kimsə arxadan əlini onun çiyninə qoydu... Dik atılıb geriyə sıçradı...
İri əncir yarpağıydı, çiynindən tutub qalmışdı...
Dizləri boşaldı, ürəyindən sızan yandırıcı ağrı isti su kimi mədəsinə doldu… Taqətsiz halda çömbəlib pəncərənin altında oturdu… Ürəyinin ağrısı qayıdıb yuxarı – sinəsinə yayıldı… nəfəs yolu daraldı elə bil.
Sonra külək yerdən qaldırdığı qumu onun üzünə çırpdı, gözlərinə, ağzına doldurdu. Ağzını yumub dişlərinin arasına dolan torpağı ürəyi bulana-bulana çeynəyib tüpürdü… sonra əlləriylə üzünü qapayıb sakit-sakit ağladı.
Anası idi... Hər şeyi eləyən, o idi... - yaxşı bilirdi. Şəhərə – ona yazdığı niskil dolu məktublarının, illərlə, aylarla poçtamta gəlib orda saatlarla növbə gözləyə-gözləyə çəkdiyi əzabların, ağrılarının işgəncəsini verirdi ona, verdiyi südünü, çörəyini burnundan gətirirdi...
Sonra hardansa yadına, anasının, bir neçə il bundan əvvəl söz verib kəndə getmədiyindən, ona xəng edib telefonda ağlaya-ağlaya qəribə, qəddar səslə dediyi qorxunc sözləri düşdü... «Burnundan gəlsin, oğul...».
Gözlərini ovub, ağzına dolan qumu tüpürüb fikirləşdi ki, nəyi gətirmək istəyirdi axı anası onun burnundan?.. Döşündən əmdiyi südünü?..
Fikirləşdi ki, yst-ystə yığsan, ymumi həcmi beş-altı litrdən çox olmayan bu süd nə olan şey idi ki, anası onun əvəzini də istəyirdi ondan? O ki, ər il Novruz bayramında kəndə teleqram vururdu, onu təbrik eləyirdi. Eləyirdi? – Eləyirdi. Hər ayın axırında vaxtlı-vaxtlı pulunu göndərirdi? – Göndərdi. Olsun ki, axır bir-iki ili başı qarışıq olmuşdu. Bu da, Allaha şükür, kefüstü qarışıqlıq olmamışdı, axı?!.. İndi gərək bundan ötrü məhv olaydı?..
İldırım çaxdı... Həyət bircə saniyəliyə işıqlanıb söndü.
Divara söykənib titrədə-titrədə fikirləşdi ki, axı anası nə istəyirdi ondan?!. Nə vermişdi ona, ala bilmirdi?!..
Ayağa qalxıb vahimədən boğula-boğula evin içinə bir də baxdı. Tabutsuz otaq – bu vaxtacan gördüyü vahiməli mənzərələrin ən vahiməlisi idi...
Sonra pəncərənin, nəfəsindən tərləyən şüşəsini silə-silə fikirləşdi ki, bəlkə o burda – həyətdə dayanıb keçmiş günlərin xatirələrinə dalan vaxtı, kənd camaatı, dəfn sabaha – biçin vaxtına qalmasın deyə, ondan xəbərsiz evə girib, tabutu aparıblar?!.. Gecənin bu qaranlığında, bu toz - tufanın içində də basdırıblar ki, canlarını birdəfəlik ondan da, anasına verəcəkləri borcdan da qurtarsınlar?.. Başı hərləndi…
Bir yerdən su tapıb içməliydi, üzünü yumalıydı ki, özünə gəlsin, beyninin dumanı dağılsın. Hamısı, uzun illərin yorğunluğunun, gəlginliyinin nəticəsiydi… - fikirləşdi - Olsun ki, həmin o yorğunluqdan da qara basırdı onu.
Özünü divardan bir təhər aralayıb fikirləşdi ki, mütləq gedib Ağakərimi oyatmalıdı, ona hər şeyi danışmalıdı. Cib dəsmalını çıxarıb üz-gözünün qumunu sildi, gethagetdə çönüb bir də içəri baxdı və az qaldı dayandığı yerdə yıxıla…
Tabut əvvəlki yerində - otağın ortasındaydi.
Deməli havalanırdı... - titrədə-titrədə fikirləşdi. Yox, havalanıb-eləmirdi, anasıydı… onun axırına çıxmaq istəyirdi.
Ürəyindən dəli bir ağlamaq keçdi. Ha çalışdı, ağlaya bilmədi. Sinəsinin içinə rezin doldurmuşdular elə bil.
Anası niyə belə eləyirdi axı?.. Axı onda da - iyirmi il əvvəl də onu şəhərə anası yollamışdı. «Adam olmaq istəyirsənsə, şəhərə get, oğul...» – demişdi – «oxu, bir vəzifə sahibi ol...» Onda bəs o dediyi nəydi? Niyə onda onu mütləq oxumuş, vəzifədə görmək istəyirdi?..
Çönüb, bu dəfə otağa dişlərini qıcıya-qıcıya baxdı. Bu dəqiqə otağın tən ortasında, çəhrayı xara örtüyün altında uzanan anasının onu «oxutmaq» arzusu olsun ki, vaxtı ilə ərinin də, atasının da, «xozeyin» sürücüsü olmağıyla bağlıydı. Anası, ömürləri boyu kimlərəsə nökərçilik eləyən kişilərin çörəyini yeməkdən cana doymuşdu görünür. Xozeyin çörəyi yemək düşmüşdü könlünə.
Guya indi adam olmuşdu?... Bu da adam… – ağzına dolan qumun qalanını əlinin arxasıyla silə-silə fikirləşdi - Anası arzusuna çatmışdı: ürəyi, gözü rezindən olan oğlu hüzüründaydı.
Su quyusu sən demə, lap yaxınlıqda – budu burdaydı.
Həyətin bu hissəsi nədənsə daha vahiməli gəldi ona. Ya külək güclənmişdi?.. Bura tamam ayrı bir yer idi. Burda hər şey Ayın qəribə, gümüşü rənginə boyanmışdı, külək də burda ağacların budaqlarna, yerin torpağına toxunmadan, elə bil hardasa kənarda əsirdi…
Quyuya sarı addımlaya-addımlaya fikirləşdi ki, elə bil belə bir mənzərəni hansısa tabloda, yoxsa filmdə görmüşdü?..
Bax, bu yanda sağ tərəfdə nəhəng, qoca tut ağacı olmalıydı. Çönüb tut ağacına baxdı.
Ağac iyirmi il əvvəlki vəziyyətində – nəhəng yaşıl mağara kimi dayanıb ona baxırdı. O vaxt anası bu tutun ən yoğun budağından onun üçün yelləncək də asmışdı.
Bu tərəfdə isə – ağacdan bir qədər aralıda, yerə bərkidilmiş dördkünc stol durmalıydı. Yayda o stolun arxasında oturub gic-gic şerlər yazardı.
Stolun yanından ötüb quyunun yanında ayaq saxladı, kənarına dirsəklənib, əyilib içinə baxdı. Uşaq vaxtı quyunun həmin bu kənarlarıyla gəzəndə bir dəfə az qalmışdı içinə düşə. Atıla-atıla getdiyi yerdə qəfildən büdrəmişdi, ya ayağı sürüşmüşdü, dəqiq yadına gəlmirdi… quyunun kənarından tutub içinə sallanmışdı, qorxudan, vahimədən bağrı yarıla-yarıla qışqırıb anasını köməyə çağırmışdı.
Bu yerdə anasının üzü dəqiq gəldi gözünün qabağına... anası həyətin o başından üzünü cıra-cıra, sinəsinə döyə-döyə, qaça-qasa onu – aman-zaman bircə oğlunu ölümdən qurtarmağa gəlirdi… daş-kəsəkdə işləməkdən, adamın dərisini mişar kimi dalayan yekə əlləriylə onun qollarından tutub yuxarı çəkirdi… dişiylə-dırnağıyla quyudan çıxarıb bərk-bərk bağrına basırdı… döşləri titrəyə-titrəyə, ağlaya-ağlaya: «Allah almaq istədi səni əlimdən, ala bilmədi...» – deyib, dəli kimi onun üz-gözünü öpürdü... Yadına gəlir, həmin o quyu əhvalatından sonra anasının əllrinin yeri bir müddət ağrıyardı…
Dişlərini qıcayıbaş əsəbi-əsəbi fikirləşdi ki, kaş Allah elə o vaxt alaydı məni sənin əlindən… – sonra quyunun kənarlarını əlləri ilə yoxladı… lap dərinliyində, xəfif-xəfif sızan suyun səsini eşitdi… Ciyəri suzluqdan yandı, udqunmaq istədi, boğazının quruluğundan udquna bilmədi.
Vedrə quyunun üstündən, zəncirdən asılmışdı. Zənciri dartıb vedrəni aşağı buraxa-buraxa fikirləşdi ki, qapılarının ağzında su kranı ola-ola, hansı ağılla bura gəldi axı?..
Yenə şimşək çaxdı... Şimşək bu dəfə elə bil quyunun içində çaxdı...
Vedrə suya düşüb dərinə getdi, sonra ağırlaşdı. Qollarını çirmələyib zəncirin dəstəyini hərləyə-hərləyə fikirləşdi ki, suyu içib evə qayıtmalıdı, Ağakərimi oyadıb, Səlimovun gəlişi üçün dünəndən nəzərdə tutduğu işləri qaydasına salmalıdı.
Vedrə, bir qədər qalxıb dayandı… suyun ağırlığından idi, ya nəyəsə ilişmişdi, yerindən tərpənmədi.
Quyunun kənarına dirsəklənib, zənciri əsəbi-əsəbi dartışdıra-dartışdıra, vedrəni ilişdiyi yerdən çıxarmağa çalışdısa da , vedrə quyunun dibinə, ya divarın pərçimlənmiş kimi, yerindən tərpənmədi.
Boğazını qəhər tutdu. Var gücünü toplayıb, küləyin, ağzına doldurduğu qum tüpürüb, zənciri bir də dartdı.
...Vedrə ilişmişdi. Nəyəsə ilişmişdi.
Andıra qalasan səni... – ürəyi əsəbilikdən sıxıla-sıxıla fikirləşdi və əyilib quyunun içinə baxdı.
Gecənin qaranlığından idi, ya quyunun darısqallığından idi, nəydisə, heç nə görə bilmədi. Elə bil vedrə də yox idi... zəncir quyunun tən ortasında yoxa çıxırdı...
Bu nə zülmdü, ilahi?!.. – ürəyi sıxıla-sıxıla fikirləşdi. - Nə günahı vardı?.. Hamı öz evində, isti yorğan-döşəyində yata-yata, o niyə bu qaranlıq, tufanlı gecədə, bu şimşəyin, küləyin altında, dərin quyunun ağzına ilişib qalmışdı?..
Belinəcən quyuya sallanıb, gözlərini gərə-gərə vedrəni axtardı… bir az da dartınıb, zənciri bir qədər aşağıdan tərpətməyə başladı... Bu məqam elə bil külək əsdi, ya quyu titrədi, anlaya bilmədi... axır nə oldusa, elə bil arxadan itələdilər onu... quyunun kənarından qoparıb aşağı atdılar… və o, ağır, ucuiti nizə kimi başı üstə quyunun qaranlığına uçdu... bumbuz suya düşüb, bir az da elə bil suyun içiylə uçdu... elə bil lap dərinə getdi... sonra harasa dəyib dayandı... qayıdıb yuxarı qalxmaq istədisə də, yerindən tərpənə bilmədi...
Quyunun suyu şipşirin idi... Uşaqlıqda çox içmişdi bu sudan… İndi yenə içi sərinləyə-sərinləyə içirdi... mədəsi dolanacan, ürəyi partlayanacan içəcəkdi... Elə susamışdı bu sudan ötrü...
Suyu içib doyandan sonra havası çatmadı, boğulmağa başladı... Ha əl-qol atıb zəncirdən yapışmaq istədisə də, su içməkdən sulanıb ağırlaşan qollarını tərpədə bilmədi... suyun içində çabalaya-çabalaya, gözlərinə qan dola-dola gördüyü son mənzərə – lap yuxarıda, quyunun başında dayanan anası oldu... Anası - həmin o uzaq illərin anasıydı... Üzündən öpüb onu şəhərə yollayan həmin xınayı saçlı, qırmızıyanaq cavan qadın idi... əl eləyib onu yuxarı – yanına çağırırdı...
* * *
Ağakərim lap sübhdən, gün qalxmamış oyandı. Pencəyini əyninə geyib səhəin ayazından üşüyə-üşüyə həyətə çıxdı.
Külək yatmışdı… quşlar civilləşirdi. Həyəti elə bil çimdirmişdilər, səhərə yaxın yağan güclü yağış ağacların yarpaqlarını, çəpərin tozunu yuyub aparmışdı.
Evin qabağındakı kranta yaxınlaşıb əl-üzünü, boynunu yudu. Sonra cib dəsmalını çıxarıb üz-gözünü quruladı, balaca darağıyla saçlarını səliqəylə geriyə darayıb, evə girdi. Otağın, gecədən yanıq qalan işığını keçirdi, tabutun örtüyünə əl gəzdirib salavat çevirdi sonra həyətə çıxıb yorğun-yorğun əsnədi, siqaret yandırıb o baş-bu başa gəzə-gəzə, müdirini axtardı.
Meyvə ağaclarının arasına girdi, sarı armudların içindən yetişmişini dərib cib dəsmalıyla sildi, dişləyib yeyə-yeyə ağacların arasıyla gəzişməyə başladı. Gəzə-gəzə evi dörd dolandı... Gəlib tut ağacının altına çıxdı, dördkünc stolun yanındakı kətilə oturub, armudu cəcəsinəcən, səliqəylə yedi. Sonra gözü quyunun lap yanında, tanış ayaqqabı tayına sataşdı... Ayağa qalxıb quyuya sarı getdi, əyilib ayaqqabı tayını yerdən götürdü, o yan-bu yana çevirib baxdı, sonra əyilib quyunun içinə baxdı...
Quyunun dibi toz-torpaqlı taxta-tuxtayla dolu idi… Taxtaların arasında, qaralmış qan laxtasının içinə pərçimlənib qalan gümüşü kostyumlu cansız bədəni görəndə, ilan vuran kimi kənara sıçradı… dəhşətdən nəfəsi kəsilə-kəsilə maşına sarı qaçdı…
* * *
Bir azdan həyət adamla dolmuşdu. Adamların bir hissəsi - çəhrayı örtüklü tabut çiyinlərində, kəndin yuxarı başındakı qəbristanlığa sarı gedirdilər. O biri dəstəsi - quyuya adam düşürdüb, ip sallayıb dibindəki meyiti yuxarı qaldırmaqla məşğul idilər…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
среда, 6 февраля 2008 г.
на 3:31
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий