II İOHAN
hekayə-roman
Azərbaycanın böyük şairi Vaqif Bayatlı Önərə ithaf olunur
Roma Papası II İohan Pavelin yaxın vaxtlarda ölkəyə təşrif buyuracağı barədə xəbərlər, qəzetlərin bol informasiya yeknəsəqliyində xəbərdən çox, hansısa ən uzaq, eyni zamanda çox yaxın məsafələrdən sızmağa başlayan sirlər dolu həniri andırırdı…
Papanın, bir vaxtlar hansısa ayrı dünyanın dəbinə uyğun - başı-ayağı bilinməyən, uzunətəkli, ağ qiyafədə, başında Katolik Kilsə tacı ilə çəkdirdiyi lal şəkli də, bu qəzetlərdə bir-birinə bənzər ağ-qara üzlərlə, oxşar ifadələrlə görünən insan şəkilləri arasında, şəkildən çox, hadisə təəssüratı yaradırdı.
Hadisə - bu vaxtacan yalnız televizor ekranlarında, adətən, Vatikanın Çənnət guşəsini andıran küləksiz həyətində keçirilən açıq skripka konsurtlərində, yaxud, müxtəlif şəhərlərin əzəmətli meydanları boyu apardığı izdihamlı moizə mərasimlərində gördüyüm əfsanəvi ruhaninin, ömrünün bu çağında, xəstə, köməksiz bir vəziyyətində bura – xristianlıqdan uzaq bir məmləkətə, mənə sarı gəlməsi idi…
Həmin günlər kütləvi informasiya vasitələrinin yaymağa başladığı xəbərlərin, səfərin məqsədinə dair detalları tam dəqiqliyi ilə açıqlamaması, verilən adda-budda məlumatların bir-biri ilə uyuşmaması, o günlər, bu tarixi hadisəylə bağlı kökləndiyim mistik ehtimallarımın gerçəkliyinə şübhə yeri qoymurdu.
Bir qisim mənbələr, Xristian dünyasının böyük nüfuz sahibi olan bu ruhaninin, ölkəyə, dövlət başçısının rəsmi dəvətiylə təşrif buyurduğunu bildirirdi. Deyilənə görə, son illərin acınacaqlı müharibə və qaçqınlar probleminin bir həllini də ölkə rəhbəri, xristian təriqətli bu bu mötəbər din xadiminin bir sıra məsələlərə müdaxiləsində görürdü.
Rəsmi mənbələrdən alınan məlumatlara görə isə Papa ölkəyə, dövlət səviyyəsində heç bir rəsmi, ya qeyri-rəsmi dəvət almadan, öz şəxsi təşəbbüsü ilə gəlirdi. Bir sıra məlumatlarda deyilənə görə, səfərin əsas məqsədi – qoca pontifikin dünya müsəlmanlarına və xristianlarına məhz bu ölkədən müraciət etmək, insanları birliyə, qarşılıqlı dözümə və mərhəmətə çağırmaq niyyəti idi…
«- …Papa, dünya müsəlmanlarına və xristianlarına, məhz bu ölkədən müraciət etmək istəyir…» – Vatikanın Cənubi Qafqaz üzrə səfiri, apostol nunsiy Klaudzio Quçerotti Papanın səfəri ilə bağlı qəzetlərə verdiyi müsahibələrin birində təşrifin məqsədini belə açıqlamışdı.
…Niyə məhz burdan – bu vaxtacan yada düşməyən, saya salınmayan, tarix boyu kirli neft və siyasət burulğanında bulanan yad bir müsəlman ölkəsindən?.. – o günlər mən, maraq və həyəcandan saçlarımın dibi gizildəyə-gizildəyə fikirləşirdim, Papanın bu sirli təşrifinin əsil səbəbini, xarici radiostansiyaların səfər barədə verdiyi məlumatlarda, Papanın xüsusi saytlarında axtarır, səbəb tapılmadıqca, yaşadığımız bu «aydın» dünyanın bitib tükənməz müəmmalardan ibarət möhtəşəm Sirr olduğu barədə, neçə illərdən bəri gəldiyim «sadəlövh» qənaətlərimdə yanılmadığımı anlayırdım.
Papanın, ömrünün bu çağında – yeriməyə, danışmağa taqəti çatmadığı köməksiz, zəif bir vəziyyətdə uzaq, səssiz Vatikandan gəlib, deyildiyi kimi, dünyaya ünvanlayacağı müraciətinin, əslində, məhz burda – qorxunc, amansız maddilik qanunlarını özündə sabit sədaqətlə yaşadan bu məmləkətdə nəyisə dəyişəcəyini, o günlər anlayan tək-tük adamlardan biri də mən idim.
«… Mənim müraciətim - duadır. Bu dua, müqəddəs Məryəm Anayla birgə, böyük Tanrıya ünvanladığım müraciətdir. Bu duanı əslində, mən hamınızla birgə oxuyuram. Bu, insanın insan naminə oxuduğu duadır… Yer üzünün bütün insanları naminə, bu dünyada tarix boyu yaşamış və yaşamaqda olan dirilər və ölülər naminə oxunan duadır…»
Hələ onda, Roma Papasının, nə vaxtsa, hansısa mötəbər mərasimdə dediyi bu sözlərdən, yadımdadı ki, nə vaxtsa çoxdannan - olsun ki, lap uzaq uşaqlıq illərində itirdiyim və bu itkidən həyatım boyu daim qəribə bir laxlama duyduğum, tanış tarazlığı tapmışdım. Bəlkə də bu, özümü uşaqlarımla, cavan yaşlarımda itirdiyim uşaq qəlbli ata-anamla birgə, bu sərhədsiz, ilıq duanın içində, Papanın şəfqətli sözlərinin mühafizəsində hiss etməyin rahatlığı idi?..
Bu duadan bir müddət əvvəl isə – müqəddəs Pyotr meydanından yayımlanan moizə vaxtı - nəhəng izdihamın qaışlısında üzü divara dayandığı yerdə dua oxuyan pontifikin, qəfildən nədənsə sarsılıb duanı yarımçıq kəsərək, geriyə çönməsindən, ibadət edənlərə:
- Qorxmayın... – deməsindən dəhşətli sarsılmışdım, bu ahıl dindarın, insanlığı bütün təriqətlərin və dinlərin fövqündə – hansısa əlçatmaz və dərkedilməz yüksəkliklərdə, bu dünyadan əsrlər və qərinələrlə köçüb getmiş saysız-hesabsız ruhları ilə birgə duyduğunu anlamışdım...
Uzaq Afrika cüzamlılarına baş çəkəpkən, qara dərili, xəstə zənciləri, qəribə məhrəmliklə bağrına basmasından, əlini onların irinli yaralarına, təzə-tər çiçəklərə çəkən tək, çəkməsindən, dünyanın izaholunmaz hüdudsuzluğunu duymuşdum…
* * *
Dünya Yepiskoplar Birliyinin daimi və əzəli siması sayılan bu əfsanəvi din xadiminin ölkəyə təşrifinin, sözün əsil mənasında, tarixi
hadisə olduğunu o günlər çoxları başa düşürdü. Hər hansı iqtisadi maraq, ya siyasi məna kəsb etməyəcəyi artıq dəqiq bilinən bu gəlişin, nə isə daha böyük və sirli məqsədlər daşıdığından həmin günlər, elə bil şəhərin ən sıravi sakinləri də duyuq düşmüşdü.
Həmin o həyəcan və gizli təlatümlər dolu gərgin günlərin birində, necəsə, təsadüfən küçədə rastlaşdığım köhnə bir dostumla - bir vaxtlar yığcam ədəbi məclislərimizdə oxuduğu təsirli şerlərindən vəcdə gəldiyimiz, sonradan ədəbi həyatımızın hansı döngəsindəsə, necəsə, qəfildən itirdiyimiz keçmiş bir həmkarımla rastlaşmış, ötəri hal-əhvaldan sonra onun, az qala bütün ölkəni lərzəyə gətirən bu tarixi təşrifdən qəribə, gizli bir müqavimətlə qıcıqlandığını hiss edib tutulmuş, söhbəti yarımçıq kəsib pərt halda ordan uzaqlaşmağa cəhd etmişdimsə də, dostumun «cəngindən qurtula bilməmiş», bu ötəri görüşün, heç də adi təsadüf olmadığını, bu sirli «qarşılaşmanın» hər ikimiz üçün taleyüklü əhəmiyyət kəsb edəcək əlamətdar bir hadisə olduğunu isə, mötəbər səfər bitib başa çatdıqdan, qoca pontifik ölkəni tərk edib, öz uzaq, sakit kilsəsinə yola düşəndən bir xeyli sonra anlamışdım…
…O gün biz onunla guya tamamilə təsadüfən – onun, son illər işlədiyi mötəbər idarənin küləkli keçidində, o, yaxın səkidə yolunu gözləyən qara dövlət maşınına yönələn an rastlaşmışdıq. Məni gördükdə o, qəribə hürkü ilə duruxub dayanmışdı, elə bil yaxınlaşıb hal-əhval tutmağı, ehtiyat dolu tərəddüdlə ürəyində götür-qoy eləmişdi.
…Dostumun, dövlət işinə keçəndən bəri düşdüyü bu halı – bizləri, keçmiş qələm dostlarını görərkən, bu sayaq anlaşılmaz çaşqınlığa, səbəbi naməlum pərtliyə düşməsi, cinayət üstündə yaxalanmış müttəhim görkəmi alması və yalnız bir qədər sonra, söhbətlər əsnasında tədricən, suda boğulan adam çabalaması ilə özünə gəlməsi, onun nə vaxtsa, ömrünün hansı həlledici döngəsindəsə, Ədəbiyyatı - insan həyatına heç bir fayda gətirməyən, lazımsız, cəfəng peşə qismində həll etdiyindən və bu haqsız qərarına görə bizlərin qarşısında hansısa gizli günahlar duyduğundan xəbər verirdi…
Əvvəllər mən onun Ədəbiyyata və onun adamlarına duyduğu qara və acı kinayəni, onun, sevmədiyi işin yorğunluğu, bəzən, ovqat dəyişkənliyi kimi qəbul edir, lakin sonralar, illər ötdükcə, bu haqsız «nifrətin», onun özü, ya kimlərdənsə aldığı hansısa əsaslı bəraətlərlə, səbəbi qaranlıq, qatı düşmənçiliyə çevirdiyini hiss edirdim…
Həmin o əlamətdar gün də – əsil səbəbi hələ də bilinməyən sirli səfərlə bağlı mistik düşüncələrimi, Papa barədə əlaqəsiz fikirlərimi, gizli, əsəbi bir istehzayla hardansa, uzaqlardan baxan yorğun gözlərlə dinlədikdən sonra o, hansısa təhlükənin qarşısını alan tək, qəribə bir tələskənliklə məni təcili halda «haralardansa yerə endirmək» həvəsiylə:
– Onu bir vaxtlar Lyolik çağırırdılar. Axı əvvəllər o, artistlik edirdi?!.. Sonradan yazıçılığa girişdi. Axırda da Papa oldu… - o deyib, «sadəlövh eyforiyamdan» nə dərəcədə pərt olduğumu dəqiqləşdirməkdən ötrü həmin o «uzaqlardan» gözümün içinə zilləndi.
…Əslində mən onun, insanları, xüsusən ədəbiyyat adamlarını pərt edib utandırmaqdan, gücsüz köməksizliklərini «ifşa edib», acı kinayə dolu zarafatlarına salıb dolamaqdan qəribə, yandırıcı bir zövq aldığını, hələ bir müddət əvvəl, o, həmin o mötəbər idarədə işə keçəndən bir qədər sonra anlamışdım, lakin bu içi acıq dolu, qaramtıl həzzin, onun uğursuz şair əzablarını nə ilə yüngülləşdirdiyini heç cür müəyyənləşdirə bilməmişdim.
…O, səkinin kənarında yolunu gözləyən qara dövlət maşınını unudub, iri addımlarla mənimlə yanaşı addmlayır, gizli dövlət tapşırığı almış tək, inadkar ardıcıllıqla, Papanın dünya siyasətindəki «xidmətlərindən» - əlaltından gördüyü gizli işlərdən, dünyəvi reformasiyalarda əsaslı dəyişiklər yaratmağa qadir məkrli barmağının nüfuzlu işarələrindən danışır… mən, onun gövdəli, hündür vücuduna yaraşmayan balaca ayaqqabılarına baxır, bayaqkı «yersiz uçuşlarıma» görə peşmançılıq çəkir, bir vaxtlar şerlərindən feyz aldığımız, ədəbiyyatdankənar məsələlərdə isə həmişə sadəlövh kəndçi yöndəmsizliyinə güldüyümüz bu adamın, uzaq Vatikan təşrifindən bu sayaq xoflanmağının səbəbləri barədə düşünürdüm…
…İndi addımladıqca, əhatəsindən uzaqlaşdığımız həmin o mühüm idarəyə keçəndən sonra da, həyatından daha narazı, acıqlı və bədbin adama çevrilmiş dostumun, illər ötdükcə, az qala, öz səsindən diksinən sayıq, ürkək dövlət məmuruna dönməsinin səbəblərini, mən çox vaxt, bu idarənin qəribə bir tarımlıqla gərilən dəhlizləri boyu gecə-gündüz qısa, becid addımlarla o baş-bu başa yeriyən, üzləri, nəyinsə, hansısa dağətəyi ərazilərin relyefini andıran, işlək məmurların darısqal əhatəsi ilə bağlayırdım. Bir vaxtlar öz ölçüsüz duyğularından çatlamağa gələn bu «azadlıq carçısının», son illərin müxtəlif rəsmi toplantılarında - beynəlxalq müşavirələrdə və konfranslarda uzun-uzadı, darıxdırıcı saatlarla oturmasını, gözündə eynək, qulaqlarında tərcümə qulaqcıqları, dar boğazlı qalstukda, qəribə, ağlasığmaz təmkinlə qarşısındakı ağ vərəqdə, əlaçı şagird səliqəsiylə hey nələrsə yazmasını müşahidə etdikcə, sirli insan xislətinin ağlagəlməz və gözlənilməz imkanlara malik olduğunu bir daha dərk edir, hansısa ayrı tərəfimlə, onun, axır ki, nə vaxtsa bu darıxdırıcı iclas salonlarından bezib qaçacağını, bu havasız darısqallıqları öz yenilməz şair azadlığı ilə, ölü balığın qarnını yırtan tək, yırtıb kənara sıçrayacağını düşünürdüm…
Lakin aylar, illər ötdükcə, onun, darıxmaq əlaməti sezilməyən üzündə, sıxıntı və kədər axtardığım gözlərində, iztirab və sarsıntı əvəzinə, gizli, firavan xoşbəxtliyin, asudə rahatlığın izlərini tutduqca, mən, Ədəbiyyatla, Onun seçdiyi insanlarla bağlı heç nə bilmədiyimi anlayır və bu qənaətimdən daha pis sarsılırdım...
…Biz yolun o biri üzünə keçib, şəhərin mərkəzi xiyabanlarından birinə sarı addımlayırdıq… Mən, pərtliyimi gizləməkdən ötrü, ya olsun ki, həm də, onun ürəyini yumşaltmaq, üzünə sızmağa davam edən acıq və hikkə dolu istehzasını əritməkdən ötrü Papa barədə oxuyub bildiklərimdən – onun, müsəlman ölkələrinə səfəri zamanı məscidləri zityarət edən ilk Vatikan yepiskopu olduğundan, yüz minlərlə kimsəsizlərə və kasıblara öz şəxsi büdcəsindən əl tutmasından, moizələr vaxtı, duaları poetikləşdirib şer üslubunda oxumasından, Vatikanın tabeçiliyində olan kilsə icmalarına göndərdiyi hər ensiklika1nı, yaxud hər hansı rəsmi sənədi poetik misralarla yazdığı təsirli dualarla bitirməsindən, darıxdırıcı liturgiya2ları, şer oxuya-oxuya, səmimi söz məclislərinə çevirməsindən danışırdım…
…O mənə, niyəsə, hansısa gizli inciklikdən büzülmüş dodaqlarını gəmirə-gəmirə qulaq asırdı, yeridikcə, yenə öz ayaqlarına baxırdı…
Qəribəydi ki, lap əvvəllər də, ən seçmə şeirlərini dinləyəndə də, onun bədən ölçülərindən izaholunmaz bir uyarsızlıqla seçilən bu balaca ayaqları, onun ən ilahi şeirlərinin sehrini həmişə necəsə, itirirdi…
…Mən, Papanın, öz ədəbiyyat sevgisi ilə bu qədim, ağır din ocağında qeyri-ənənəvi ab-hava yaratmasından, əsrlərdən bəri daşlaşmış kilsə qanunlarını bütün dinlərin və təriqətlərin fövqündə duran ilahi duyumlarıyla laxlatmasından, bununla Vatikanı və onun mötəbər Kardinallar Gildiyasını sarsıtmasından danışırdım… Bu şair-dindarın Vatikana gəlişi ilə, soyuq kilsə ənənələrinin arasıyla işə düşən tamamilə yeni - yazılmamış Ədəbiyyat qanunlarının yaratdığı hansısa ayrı ab-havanı ona, bacardığım qədər mükəmməl şəkildə təsvir etməyə çalışırdım...
O, dinmirdi. Üzündə dolanan narazı ifadədən, dediklərimin, onda heç nəyi dəyişdirmədiyi bilinirdi… Mənsə, öz dediklərimdən axmaq bir kövrəkliklə təsirlənirdim, boğazıma dolan qəhərimi gizləməkdən ötrü, tez-tez öskürür, tələsik yeridiyimdən, ya birnəfəsə həyəcanla danışdığımdan, təntidiyimi hiss edir, addımlarımın sürətini azaldırdım. Bayaqdan bəri, az qala vaxtı qabaqlaya-qabaqlaya çatmağa tələsdiyim vacib ünvan da, bu söhbətlərin axarında öz vacibliyini itirmişdi. İndi biz, keçmiş şair dostumla «sadəcə gəzişirdik».
– Kişi ədəbiyyat adamıdı, şairliyini işə salmağa yaxşı yer tarpıb. – ortaya düşən uzun-uzadı, gərigin sükutdan sonra o dedi və mənə sarı baxmadan, içi kinayə dolu məkrli bir gülüşlə astadan güldü.
…Onun, ədəbiyyatın həqiqi adamlarına –istedadlı, lakin, kasıb və köməksiz şair-yazıçılara duyduğu bu gizli kinayə həmişə məndə, səbəbi özümə də məlum olmayan, anlaşılmaz qorxu hissi yaradırdı… Hansısa solaxay fəhmimlə onun, həyatlarını ədəbiyyatın üzərində qurmuş bu zərif və «əfəl» adamlara duyduğu qıcığından, onların haqqında, ağıldan kəm, sərəklər haqqında danışan kimi, qəddar, qara yumorla danışmasından, bu «zəif» qələm əhlinin, həmin o «köməksiz» ədəbiyyat sevgiləriylə ona, o mühüm idarədə, qalın, meşin üzlü, kim qapılı, mötəbər iş otağında necəsə, mane olduğunu, onun, «bədii söz» - lə bağlı nələrdənsə gizli, sarsıdıcı əzablar çəkdiyini anlayırdım.
Təxminən bir neçə ay bundan əvvəlki görüşümüzdə də - həmin o möhtəşəm binanın dar səkisində baş tutan təsadüfi rastlaşma zamanı, dostlarımızı, keçmiş günlərimizi xatırladıqca və mən yenə «gödək Yer radiuslarından» çıxıb, Sözün hüdudsuz ənginliklərində pərvazlandıqca, o, eynilə həmin bu gizli kinayə ilə gülmüşdü:
– Qurtarın bu komediyanı. Sehr nədi, filan nədi?!.. – deyərək, sözümü yarımçıq kəsmişdisə də, sonradan elə bil öz-özünə nədənsə əzilmişdi... və onun, Sözdən - onu məhv etməyə qadir, qüvvətli və möhtəşəm olan nədənsə qorxan tək, çəkindiyini mən ilk dəfə həmin o gün anlamışdım...
…O, indi də həmin xofun içindəydi… Rəngi avazımış, səyirmiş dodaqlarının rəngi qaçmışdı. Özünü sındırmadan, ləng və rahat yerişlə yerisə də, içəridə vurnuxduğu, nəyisə qabaqlamaq və qalib çıxmaq istəyi bilinirdi...
Bir qədərdən sonra biz onun iş yerindən xeyli uzaqlaşmışdıq. O, hələ də qəribə bir həvəslə, işgüzar inadla mənim «eyforiyamı» dağıtmaqla məşğul idi və elə bil o da, bir müddət əvvəl getməyə hazırlaşdığı vacib yeri və daha vacib nələrisə unutmuşdu, yaxud, olsun ki, hansısa qəti qərarla arxa plana keçirmişdi…
– Bu dünyada sehr axtarmaq – suyun altında quş axtarmaq kimi bir şeydi. Bütün bu danışdıqların, sadəcə, yaradıcılıqdı. Yazıçı təxəyyülünə işləyən materialdı... – o, nəyəsə möhür vuran kimi, deyib susdu.
…Mənim, təslim olmaq fikrim yox idi... Qəribə bir yaddaş açılışı ilə mən, Papanın, bir vaxtlar Yer üzünü lərzəyə salan dəhşətli səlib yürüşlərinə görə bütün müsəlman dünyasından üzr istəməsindən, bu böyük günahın məsuliyyətini öz üzərinə götürməsindən, Katolik Kilsə tarixində baş verən bütün xoşagəlməz hadisələrə görə – xristian Şərqi ilə pravoslavlar arasında əlaqələrin kəsilməsinə, dini müharibələrə və inkvizisiyalara görə, hətta nə vaxtsa, orta əsrlərdə yaşamış dahi riyaziyyatçı-astronom Qalileo Qalileyin, inkvizisiya məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilməsinə görə, Yer üzünün bütün insanlarından üzr istəməsindən, tarix boyu törədilən bütün bu bağışlanmaz hadisələrin də günahını öz üzərinə götürməsindən danışdım… Bir vaxtlar Günəşin, Yer kürəsinin və başqa planetlərin başına yox, əksinə, Yer kürəsinin və planetlərin Günəşin başına dövrə vurduğunu sübut edən Qalileyin, faciəli ölümündən 340 il keçəndən sonra Papanın müdaxiləsi ilə bəraət almasını, bu dahi alimi, üç əsr yarım bundan əvvəl məhkum olunduğu haqsız cəzadan azad etməsini xatırladım…
…O sanki dediklərimi qəsdən eşitmir, qarşısından ötüb-keçdiyimiz mağazaların vitrinlərinə, ağaclara baxırdı… sonra elə o tərəflərə baxa-baxa da:
– İnsanı, ölümündən sonra nədən azad etmək olar axı?.. – deyib üzü o tərəfə pis-pis güldü.
Onda mən, Yer üzündə kəsilən cəzaların, o biri dünyada davam edə bilməsi ilə bağlı fərziyyələrimi dedim… O, bu fərziyyələrdən, niyəsə bərk əsəbiləşdi. Sonra əsəbiliyini gizləməkdən ötrü bütün yolu üzünü mənə sarı çevirmədən yeridi…
Mən, son illər onun içini oyan həmin o məlum xofun, bu rahatsız vücudu hansı hala saldığı barədə düşünür, yarı tərəfi ilə Ədəbiyyatın, o biri yarısı ilə həmin o darısqal dəhlizli mötəbər binanın olan bu zavallı dostumu əlimizdən buraxdığımıza görə vicdan əzabından üzülür, gah da, onun bu halında günahlı bildiyim zəhərli qadınını, onun, daim narazı, təkər altında qalmış çəkmə tayı tək, əzik üzünü xatırlayırdım…
…Bu qadının zəhərli olduğunu, mən necəsə bir dəfə - onun, ictimai yerlərdə arvadıyla, təhlükəli və öldürücü olan nə iləsə rəftar edən kimi, gizli ehtiyatla, ehmal ehtiramla davranmasından, arvadının ayaqqabılarına, əlcəklərinə həsr etdiyi içi xof dolu şerlərini, oxunması vacib buyrulan dövlət sənədini oxuyan tək - heç bir həzz duymadan, gizli və gərgin məsuliyyətlə, ucadan oxumasından hiss etmiş, vaxtının əksər hissəsini - sübh tezdəndən gecəyə qədər, çox vaxt istirahət günləri də daxil olmaqla, həmin o adamsız, idarədə - təkadamlıq kameranı andıran darısqal iş otağında keçirməsini, bu zəhərli qadınla ğır üzbəüz, təkbətək qalmağın dəhşətindən qurtulmaq cəhdi kimi anlamışdımsa da, bir müddətdən sonra, bu qadını bir kənara qoyub, hər şeyi bu dünyanın, qorxunc maddi dəyərlər üstə qurulan həyatın, incə şair ruhunun məhvinə yönəltdiyi amansız qanunların boğazından asmışdım...
…İndi yanaşı addımladıqca, mən onun, işıq pulunu ödəyə bilmədiyindən, soyuq qış ayları arvad-uşağıyla bir yaşadığı işıqsız və istisiz, yarıqaranlıq ailə həyatını - balaca, lakin iddialı evinin gündəlik qanıqaraçılığından əziyi açılmayan köynək-şalvarını, pulsuzluqdan və ehtiyacdan, xarabalıqlar bayquşunu andıran kədərli vücuduyla üzümüzə zillənməyini xatırlayır, onun bu gizli xofunun, arada bir, gizli yarasından köynəyinə sızan tək, üzünə sızan laybalay günahlarının, elə bil çoxlu sayda ayrı səbəbləri olduğunu da necəsə, anlayırdım. Bu səbəblər barədə mən düşünə bilmirdim. Daha doğrusu, buna gücüm çatmırdı. Həmin o «naməlum səbəblər» tərəfinə keçdikcə, işgəncələr və üzüntülər dolu, qaranlıq, ağır havadan zəhərlənən tək, zəhərləndiyimi duyur, dəqiqəbaşı pencəyinin döş cibindən çıxardığı rəngbərəng həblər udmasından, çayına növbənöv əcayib ətirli damlalar sızdırmasından, bu narahatlığın, bu «səbəbsiz» xofun, bütün mümkün sərhədləri aşıb, zəhərini onun özünə yedirtdiyini, öldürücü şırımlarıyla onun əzaları boyu şaxə atdığını da, necəsə, anlayırdım…
…Biz xiyabanı ötüb dənizkənarı prospektə çıxmışdıq… Bir-birinin ardınca həris bir acgözlüklə sümürdüyü siqaretlərin tüstüsündən, ya illərin axarıyla bozarıb gümüşüyə çalmağa başlayan çal saçlarıyla tunc heykəli xatırladan dostum, indi də səssiz addımlarla yeriyirdi… Ayaqlarını qəsdən ehmal ata-ata, sanki mənim dediklərimdən çox, düşündüklərimi bilmək istəyirdi.
Mənsə, yenə Papadan danışırdım… Onun zəhlətökən istehzasının axırına çıxmaqdan ötrü Papanın, əlamətdar rituallarından - tüpürcəyinin, niyəsə radionun içindən çıxdığı təlqin edilmiş və bu vahiməli təlqindən ağlını itirib, qorxunc çığırtılarla səngimədən döşəmədə qıvrılan havalı qızı İblisin qara tələsindən azad etməsini xatırlayırdım…
«- …İblis bu dünyaya ağalıq edir. O bizləri ən gözlənilməz məqamlarda özününkü edə bilir…» - Papanın bir vaxtlar İblis barədə dediyi bu sözlərdən, nəhayət ki, dostumun üzünün, qəribə bir məsuliyyət ifadəsi ilə dəyişdiyini hiss etdim və bununla da söhbəti bitirdim.
…Həmin günün axşamı isə biz onunla bir də - bu dəfə, həmin o mühüm idarənin əlamətdar səkisində yox, mənim, qızdırmalı titrətmələr dolu yuxumda rastlaşmışdıq… Həmin o yuxuda mən, hansısa naməlum səbəbdən, onun həddən ziyadə isti və yarıqanlıq iş otağında peyda olmuş, hansısa əcayib tikilinin layihəsini andıran naməlum cədvəllər xırda işarələr və hərflərlə doldurmaqla məşğul olmuşdum… Hərflərin və işarələrin hədsiz xırdalığından, nəfəsimin təngidiyini, dizlərimin, heysiz zəifliklə titrədiyini duymuşdumsa da, dostumun buyruğundan çıxa bilməmiş, bu dövlətəhəmiyyətli məsul tapşırığı müti bir itaətlə yerinə yetirmişdim…
O gecə, bu miskin cədvəldoldurma əməliyyatı axır ki, başa çatmışdı və dostum, sirli cədvəllər dolu qovluğu qoltuğuna vurub ayağa qalxmış və qalib bir təbəssümlə mənə:
– Səni təbrik edirəm, əmrin artıq verildi. Sabahdan Vergilər Nazirliyində baş müfəttiş vəzifəsində işləyəcəksən… - deyərək, mürəxxəs olmuşdu...
…Yuxunun səhəri günü mən, bu əcaib görüntülərin – xırda işarələr dolu cədvəllərin nəyə işarə olduğunu yozmağa çalışmışdımsa da, yaddaşımın hansı tərəfindəsə anlaşılmaz, xoş izlər buraxmış bu vaqeənin mahiyyətini anlamamışdım. Yalnız axşama yaxın - işıq idarəsindən gələn zəhləkar müfəttişlərdən xilas olub, Milli Məclisin iclaslarından verilən qısa reportajlara baxdıqca, qəfildən, oturduğum yerdə, o gecəki yuxumun dəhşətli sonluğunu – dostumun qəfil təklifindən - Vergi nazirliyinin baş müfəttişi işləyəcəyimə görə qəribə bir rahatlıq duyduğumu xatırlamışdım…
* * *
Papanın səfəri ilə əlaqədar dövlət səviyyəsində də ciddi hazırlıq işləri gedirdi. Mötəbər ruhaninin qarşılanma mərasiminin, elm və mədəniyyət xadimləri ilə, bir sıra ictimaiyyət nümayəndələri ilə görüşünün, şəhərin ən iri idman komplekslərindən birində nəzərdə tutulan kütləvi moizə ritualının yüksək səviyyədə keçirilməsi üçün müvafiq təşkilati tədbirlər görülürdü. Papanın, səfər vaxtı qalacağı prezident iqamətgahında da – şəhər yüksəkliyinin ən mənzərəli xiyabanlarından birində ucalan dəbdəbəli sarayda da mötəbər qonağın gəlişinə hazırlıq işləri gedirdi.
Müqəddəsin ölkəyə gəlişinə bir gün qalmış isə qəzetlər, Vatikanın Xüsusi İdarəsinin səfərlə bağlı verdiyi açıqlamalarda Papanın, onun üçün hazırlanmış prezident iqamətgahında yox, şəhərin kənar məhəllələrindən birində yerləşən, kiçik və görkəmsiz bir oteldə qalacağının qərara alındığı barədə məlumatlar yaydı.
Pontifikin, prezident iqamətgahında yerləşdirilməsi təklifini qəbul etməməsinin səbəbi barədə, nə o dövrlər, nə də sonralar, nə rəsmi Vatikan, nə də yerli dövlət rəsmiləri tərəfindən heç bir açıqlama verilmədi. Lakin elə həmin gün şəhərin küçələrində, uzun ətəkli, ağ-qara geyimlərdə, boyunlarındakı yoğun zəncirlərini xışıldada-xışıldada gəzişən əcnəbi katoliklər, çəhrayı üzlü cavan keşişlər görünməyə başladı…
Verilən xəbərlərə görə, Katolik Kilsəsi başçısının mühafizə xidməti də artıq şəhərdə idi. Onlar, şəhərin mərkəzi küçələrində, izdihamlı fəvvarələr meydanında, bəzən də, lap ucqarlarında - dar keçidli köhnə məhəllələrində görünür, orda, doğma yerlərində gəzdikləri kimi, qayğısız, gülümsər üzlərlə gəzişirdilər. Bu gülər üzlü, həlim davranışlı adamların, Papanı burda – başı, bitib-tükənməz yaşam savaşlarına qarışmış bir ölkədə kimdən və nədən qoruduğunu o günlər, hamı kimi mən də anlamırdım.
Əzəmətli Vatikan qalasının, daim kölgəli kilsə otaqlarının, sayıq kilsə qulluqçularının, yüz nəfərlik dəmir dəbilqəli Vatikan qvardiyasının, Papanı nədən qoruduğunu mən yalnız sonralar – həmin bu şair-məmur dostumla guya təsadüfən rastlaşdığım o əlamətdar görüşdən sonra anlamağa başlamışdım…
* * *
Bir vaxt səhərlər, şəhərin uzaq, kasıb məhəlləsində yerləşən evindən çıxaraq, soyuq, qarlı küləkləri, öz nazik, nimdaş pencəyi ilə yara-yara, pay-piyada işə gələn bu adamın sonradan necəsə, hansı gizli qüvvənin hökmüyləsə, dünyanın həmin o küləksiz tərəfinə keçməsi barədə düşündükcə, gözümün qabağına nədənsə, onun, sadiq it gözlü, dəyirmi uşaqları, kasıblığın, əziyyətli, ucuz həyatın məftil kimi burub qaraltdığı əsəbi arvadı gəlir, həmin o sadiq gözlü uşaqların, sığala ehtiyaclı dəyirmi başlarla daim nəyəsə möhtaclı olduqlarını xatırlayırdım… Bu biçarə ana-balaların, onu hansısa qaranlıq gecələrlə öz «vecsiz» şair qələmi ilə döydüklərini, sonra, bu ucuz, şəffaf qələmiləri , aylar və həftələrlə yazdığı qalaq-qalaq «cəfəngiyyatıyla» bir, onun gözünün qabağındaca, əsəbi acgözlüklə, çörək əvəzinə çeynəyib yediklərini təsəvvürümə gətirirdim…
…O, indi də şer yazırdı… bu şerlərdə həmin dəyişməz tənhalığından, səbəbi naməlum sarsıntılardan üzüldüyünü etiraf edir, dara düşmüş yetim naləsi ilə Allahı, insanları köməyə çağırırdı... Lakin, yazdığı cilalı sözlər daha əvvəlki kimi diri deyildi, adama toxunmurdu… elə bil hardansa, Allahın və sarsıntıların böyründən ötüb keçirdi, öz zəif köməksizliyi ilə acı mərhəmətdən savayı ayrı bir hiss oyatmırdı…
Bəzən mən, həmin o mərhəmətlə, göynərtili ürək ağrısıyla onun bu zəif, heysiz sözlərini qucağıma yığıb haralardasa gizləmək, bu əzabkeş dostumu onlardan qorumaq istəyir, insan xilasını, yaxud, fədakarlığı andıran bu qəribə tələbatın nədən doğduğunu anlaya bilmirdim.
Bu, həmin o vaxtlar idi ki, mən, əcayib bir müstəqilliklə hardansa öz-özünə üstümə yağan, qəribə duyğuların, məndə hansısa anlaşılmaz, sirli prosesləri işə saldığını anlamışdım…
Hər şey isə ondan başlamışdı ki, gündəlik axarıyla davam etməkdə olan adi günlərimin birində mən, necəsə, qəfildən, əşyaların – öz xüsusi təsir gücü olan bu predmetlər ordusunun qarşısında öz gücsüzlüyümü hiss etmişdim… Onların, müqavimətə bənzər hansısa anlaşılmaz təzyiq gücünə malik olduğunu isə hələ bir qədər əvvəl – bir dəfə necəsə, qış geyimlərini çemodanlara yığıb, yay geyimləri ilə əvəz etdiyim havasız bir gün anlamışdım. Həmin gün mən qəfildən, yumşaq tüklü jaketlərin və papaqların, əlcək və şalvarların başgicəlləndirici fəvvarəsində qəribə bir köməksizlik, səbəbi, izahı olmayan, anlaşılmaz bir çıxılmazlığ duymuş və bu qorxunc geyim zəlzələsindən, gün vurmasından yatan tək, qısa fasilələrlə iki sutka yatmışdım...
O hadisədən bir qədər əvvəl i isə, illərlə – müxtəlif növ əlamətdar hadisələr zəmnində mənə bağışlanan qiymətli zinət əşyalarımın evin içindəncə - daim öz dəyişməz və sabit vəziyyətində qaldığı gizli hücrəsindən buxarlanan tək, özü-özünə yoxa çıxmasından duymalı olduğum təəssüf və məyusluq əvəzinə, vücudumu saran anlaşılmaz azadlıq havasından heyrətə gəlmiş, bu bahalı zinət əşyalarının, sən demə, uzun illərdən bəri mənə, evin hansı gizli bucağındansa nədəsə, necəsə mane olduğunu anlamışdım...
Daha sonralar, cansız əşyalardan duymağa başladığım bu əcayib hissin, getdikcə, səbəbi mənə bəlli olmayan anlaqsız darısqallıq vahimələriylə, ölüm çıxılmazlığını andıran qorxularla əvəz olunmasından, hansısa solaxay fəhmimlə, bizlərin, zahirən guya istifadə etdiyi bu «xırım-xırdalıqdan» asılı olduğunu aşkar etmişdim…
Əşyalardan duyduğum bu izahsız xofu, əslinə qalanda, ilk dəfə mən, hələ bir neçə il bundan əvvəl, həmin bu şair dostumun ad günündə – onun, dövlət işinə keçəndən sonra gözlənilməz bir qəfilliklə şəhərin mənzərəli yerlərindən birində ucaltdığı üçmərtəbələli malikanəsində - dörd bir yanın dəbdəbə və sarsıntı saçdığı möhtəşəm imarətində duymuşdum.
…Yadımdadı ki, o gün ilk əvvəl, əlli adamlıq hündür söykənəcəkli əntiq stulların dövrəyə aldığı nəhəng mizin üstünə yığılan müxtəlif ölçülü və quruluşlu qab-qacağın xoşagəlməz parıltısından qəfildən ürəyimin bulandığını, bir qədər sonra, otağın yuxarı başında divara əkiz pəhləvan duruşu ilə söykənmiş pəzəvəng bufetlərin görkəmindən – şüşəli rəflərindən, qəribə, xoşagəlməz bir həmrəyliklə boylanan fiqurlardan – qəddar təbəssümlü yapon gözəllərindən, qıvrım xortumlu, balaca fillərdən, yuxulu qartallardan, sürüşkən dəniz həşəratını andıran, xırda ölçülü çini və büllur suvenirlərin çoxluğundan başımın hərləndiyini, bədənimdən, qəfil bəd xəbərin yaratdığı öldürücü cərəyanların keçməyə başladığın hiss edib, ətrafıma boylandıqca, bizi qəribə bir yekdilliklə dövrəyə almış bu əşyaların həbsində olduğumu anlamışdım…
***
…Həmin gün, şair dostumun, süfrəyə xüsusi bir nizamla düzülmüş bu lətif qab-qaşıqla, şərabın rəngini xüsusi çalara salan hündür tutacaqlı büllur badələrlə qəribə bir sayğıyla, sayıq və ehmal ehtiramla rəftar etdiyini, çəngəl-bıçağı, yeməyə az qala, toxundurmadan, havada işlətdiyini, hər qurtumdan sonra badəsini xüsusi bir nəvazişlə - incə oturacağının süfrədən əzilə biləcəyi ehtiyatı ilə yerinə qoymasını, xanımının, içi qab-qacaq dolu əzəmətli bufetlərin qarşısından, dərin təvazö ilə ötməsini müşahidə etdikcə, bu insanların, öz əşyalarından, qəribə bir məsuliyyətlə çəkindiklərini, onlarla, təkəbbürlü, qəddar xislətli ali varlıqlarla hesablaşan tək, hesablaşdıqlarını öz gözlərimlə görmüşdüm. Və ilk dəfə həmin axşam, zahirən cansız və hərəkətsiz görünən bu «məişət xırdalığının», qəribə, basılmaz sirli qüvvəyə malik olduğunu, öz davamlılığı və əbədiliyi ilə canı olan hər bir şeydən hansısa üstünlük təşkil etdiyini anlamışdım...
Mənim bu xəstəhal əşya qorxum, nə iləsə, şair-dostumun həmin o gizli Ədəbiyyat qorxusunun davamına, ya bəlkə də əvvəlinə bənzəyirdi…
…Bəzən mən bu qorxular kəsiyində bircə şeyi dəqiq anlayırdım ki, dostumla mən, bu dünyanın bir-birinin qəsdinə duran və eyni zamanda, biri o birini qəribə bir uyarlıqla tamamlayan hansısa zidd qütbləri ilə - bədənin ruhla, şüurun duyğuyla, aşkarın gizliylə bir-birinə qənim kəsildiyi, yaxud, bir-birini, necəsə, istisna etdiyi hansısa sirli qanunauyğunluqla bir-birimizdən qorxdurduq …
* * *
Vatikanın baş kahini, müqəddəs Pyotrun xələfi, əfsanəvi Roma Papası II İohanın ölkəyə təşrif buyuracağı gün, şəhərə narın yağış çiləyirdi. Yazın son ayı olmasına baxmayaraq, bəzən bu narın çiləntinin, suru buz dənəciklərini andıran dolu ilə əvəz edildiyi də müşahidə edilirdi. Sanki kimsə, hardansa yuxarılardan, tarlaya toxum səpən tək, aşağılara dolu çiləyirdi.
Müqəddəsin ölkəyə qədəm qoyduğu günün axşamından başlayaraq isə bütün gecəni paytaxt səması boyu göyümtül-mavi şimşəklər çaxmağa başlamışdı... Şimşəyin səsinə çölə boylananlar, bu məmləkətdə heç vaxt görmədikləri əfsanəvi bir mənzərənin – ecazkar səma atəşfəşanlığının şahidi olmuşdular...
Həmin o gecə göy üzünü qeyri-mütənasib şırımlarla dörd yerə bölən möhtəşəm şimşəklərə baxdıqca mən, o günün günortasını – tutqun səmalı, şaxtalı yaz günortasını, uzaq, qədim Vatikandan gəlib, şəhərin bir neçə kilometr aralığındakı hava limanında aramla yerə enən qırmızı zolaqlı təyyarəni, bir qədərdən sonra təyyarə qapısında görünən titrək qocanı - tozanaqlı küləyin cövlan etdiyi eniş xəttinə vərəqlər bükülüsünü andıran ağ paltarı ilə, ağappaq sovqat kimi düşürülən pontifiki xatırlayır, bu əfsanəvi kahinin, vaxtı ilə Vatikanın tarixində görünməyən heyrətamiz addımını – Kardinallar gildiyasının fövqəladə toplantısını çağırtdıraraq, Roma Katolik Kilsəsinin, Allah və insanlar qarşısında tövbə etməsi barədə məsələ qaldırmasını yadıma salırdım... Ömrünü Allaha xidmətə həsr etmiş kilsə xadiminin bu qəfil addımını doğuran səbəbin nə olduğu, insan günahlarının bağışlanmasına xidmət edən Kilsəyə vacib bildiyi bu gözlənilməz tövbə aktının, içində neçə-neçə müqəddəsin uyuduğu əzəmətli Vatikan divarları arasında baş vermiş hansı gizli günahları yumağa cəhd etdiyi barədə çox düşünür, müqəddəs kilsə çərçivələri arasında belə, günah izləri tapan bu ahıl dindarın, öz xəstəhal günah həssaslığıyla burda – günah məfhumunu çoxdannan itirmiş bu xürrəm məmləkətdə hansı tövbələri etdirmək niyyətində olduğunu anlamağa çalışdıqca, ürəyimin sıxıldığını hiss edirdim...
Bu dünyaşöhrətli, ahıl Yepiskopun, ömrünün bu çağında – yeriməyə, danışmağa taqəti çatmadığı xəstə bir vəziyyətdə, bu uzaqlıqda məsafəni qət edərək, bura, yalnız bir dünya xalqlarına müraciət etməkdən ötrü təşrif buyurması o günlər hamıya qəribə gəlirdi...
Əfsanəvi Roma müqəddəsini bu boyda əziyyətə qatlamağa vadar edən nə idi axı?.. Yaxud, bu balaca, qarabuğdayı müsəlman məmləkəti bu ağbənizli, dünyagörmüş din xadimi üçün hansı əhəmiyyətlər kəsb edrdi?!..
Papa barədə o dövrlər az-çox məlumatlı olanlar bu fikirdə idilər ki, pontifik ölkəyə, həqiqətən, dünya xalqlarına məhz burdan müraciət etmək, son illərin siyasi qarışıqlığında torpaqlar və şəhidlər vermiş bu məmləkətdə adəti üzrə, moizə oxumaq məqsədi ilə gəlmişdi. Xilas duasının məhz burda – az qala, səsin də maddiləşdiyi bir ölkədə oxunmasının, bizlərin bilə bilmədiyi daha əsaslı və gizli səbəbləri var idi, görünür.
Mənsə, hansısa qeyri səlist məntiqlə bu səbəbi - bir vaxtlar, Papa seçiləcəyi tarixi günə açılıcaq gecəni «Göz yaşı» adlandırılan məşhur ibadət otağında keçirməli olan ruhanini, sübhəcən dua oxumaq əvəzinə, içi ilahi eşq dolu şeir yazmağa səsləyən sirli qüvvənin müdaxiləsi ilə bağlayırdım…
***
…Həmin gün qarşılanma mərasiminin yayımlanması məqsədi ilə aeroporta axışan yerli və xarici jurnalistlərin, foto-müxbirlərin və nataraz çəkiliş avadanlığının sayı-hesabı yox idi…
Yüksək səviyyəli rəsmi qarşılaqnma mərasimlərinin incə peşəkarlığında püxtələşmiş dövlət rəsmiləri geniş qarşılanma zolağında, adətləri üzrə qayğılı və yorğun üzlərlə dayanmışdılar.
Qırmızı zolaqlı Vatikan təyyarəsi limana yan alıb, aramlı ləngirtilərlə uçuş zolağına qonduqdan, zolaq boyu hərlənib çarxlarını, təntənəli qarşılanma üçün döşənmiş xalıların yaxınlığında saxladıqdan sonra, eniş pilləkəninin dirədilidiyi balaca təyyarə qapısıda, müşayət dəstəsinin köməyi ilə havaya çıxarılan Papanın ağ geyimli bəyaz vücudu göründü…
Papanın təyyarə qapısında görünməyi ilə, bayaqdan bəri qarşılanma zolağının arxa tərəfində gərgin müntəzirliklə dayanan hərbi orkestr Vatikanın kədər və əzəmət dolu himnini çalmağa başladı…
…Ruhaninin səhhətinin hədsiz ağır olduğu ilk baxışdan bilinirdi. O, köməksiz hərəkət edə bilmir, eniş pillələrindən ehtiyatla endirilən arabasında, dünyaya yenicə göz açmış lələksiz qüş balası kimi zorla dayaqlanır, ətrafı qəribə, anlaqsız baxışlarla süzür, üzünün yorğun ifadəsindən, sanki dəfələrlə olduğu bu yerlərdən, elə ordanca – eniş pillələrinin üstündəncə geriyə qayıtmaq həvəsi oxunurdu…
Deyilənə görə bir vaxtlar o, öz qənimini - Müqəddəs Pyotr meydanının hansı binasındansa güllə açaraq, onu ağır yaralayan Məhəmməd Əli Ağcanı da, saxlandığı təkadamlıq kamerada həmin bu anlaqsız baxışlarla süzmüşdü… Nəhəng Pyotr meydanının tən ortasında açılan qəfil güllə yarasından cansız ağırlıqla katibinin qolları üstə düşən Papanın ölmədiyindən heyrətə gəlmiş Ağca:
–Siz niyə ölmədiniz?.. Axı bilirəm ki, dəqiq nişan almışdım… – deyəndə, pontifik, həmişəki təmkinlə susmuşdu, oxuduğu duanı bitirib, səssiz addımlarla kameranı tərk etmişdi.
Dustaqla təkbətək sürən bu bir neçə saatlıq tarixi görüşün məzmunu isə, ictimaiyata açıqlanmadan, məxfi saxlanılmış, zindanı tərk edib kilsəyə dönən pontifik, qatilinin əfv edilməsi barədə dövlət dairələrinə müraciət imzalamışdı… Bu hadisə ilə bağlı sonrakı açıqlamalarından birində isə:
– Bu dünyanın, insanı xoşbəxt etmək gücü yoxdur… – demişdi.
O dövrlər Papanın, həmin bu qalmaqallı hadisə ilə bağlı açdığı yeganə sirr – ona açılan güllənin trayektoriyasının, Müqəddəs Məryəm Ananın əli ilə - ilahi bir möcüzəylə dəyişdirilməsi, bu görünməz əlin onu, ən son məqamda ölümün astanasında saxlaması vəhyi idi...
–…Bunlar hamısı rəvayətdi… – ruhaninin səfəri günlərində rəsmi bir tədbirdə rastlaşdığım dostum, məni, adamla dolu nəhəng zalın içində qəribə bir çevikliklə tapmışdı, yenə öz «uzaq ərazilərindən» üzümə zillənə-zillənə, bir neçə gün bundan qabaq dediklərini, təmkin dolu səbrlə davam etdirməyində idi…
Səsinin içiylə axan rahıtlıq, üzünün qəribə arxayınlıq ifadəsi və daha nələrsə, o axşam onun nədəsə haqlı olduğunu deyirdi...
Həmin o tədbirdə – şən musiqinin, gur səsli, gümrah adamların əhatəsində mən necəsə, öz gücsüzlüyümü, Papayla bağlı duyğularımın xəstəhallığını anlamışdım… bu gurşad məclisdə özümü, ucqar şəhər qəsəbələrinin kasıb məhəllələrindən, möhtəşəmliyi və parlaq dəbdəbəsiylə baş gicəlləndirən mərkəzə düşmüş yöndəmsiz əyalət adamı hiss etmiş, tədbiri yarımçıq tərk edib, uduzmuş, heysiz vəziyyətdə evə dönmüş, o axşamın gecəsi, yuxuda da bu qüvvətli, qalib həmkarıma təslim olmaq məcburiyyətində qalmışdım...
…Həmin o yuxuda mən, öldürücü sükutun və qanı, nədənsə mökəm qaralmış bu qalib dostumun tənə dolu baxışları altında əzilə-əzilə qalmış, qoltuğuna pərçimlənmiş qalın qovluqlardan çəkib çıxardığı sarımtıl kağızlı qədim sənədlərlə - Qalileo Qalileyin, hələ o vaxtlar – üç yüz qırx il bundan əvvəl, böyük, bağışlanmaz səhvə yol verdiyini, Yerin və planetlərin Günəşin ətrafına yox, əksinə, Günəşin, bizim və planetlərin ətrafına dövrə vurduğunu müxtəlif rəngli möhürlər və ştamplarla sübuta yetirən dəlillərlə tanış olduqca, gözlərim qarala-qarala, səhv etdiyimi, Qalileo Qalileyin də, Papanın da gücsüzlüyünü anlamışdım…
* * *
Müqəddəs Atayla Prezident Sarayında təşkil olunmuş təntənəli görüşə dəvət olunanlar – ölkənin elm və mədəniyyət xadimləri, yüksək rütbəli məmurlar və millət vəkilləri, tanınmış jurnalistlər və siyasilər, səhnəsində bir neçə kreslodan savayı ayrı bir şey görünməyən salona ehtiyatla daxil olur, müxtəlif səviyyəli mərasimlər çərçivəsində dəfələrlə olduqları bu yeri, sanki birinci dəfə görürmüşlər kimi, maraq dolu gözlərlə tədqiq edir, salonun gur işığından, ya nədənsə, bir-birlərini böyük çətinliklə seçir, yalnız yerlərini tutduqdan sonra çaşqın üzlərlə salamlaşırdılar…
…Vaxtın tamamında, hansısa görünməz işarədən yekdilliklə ayağa qalxan zal, ölkə başçısının köməkliyi ilə səhnəyə gətirilən Papanı gurultulu alqışlarla qarşılamağa başladı.
…Pontifik səhnənin ortasına sarı bir neçə zəif addım atıb yerində laxladı, tamaşa zalına sarı çönüb titrək əlini havaya qaldıraraq, salona toplaşanları salamladı. Sonra, arxasınca gələn bir neçə cavan kahinin köməyi ilə səhnənin sağ tərəfinə - onun üçün ayrılmış hündür söykənəcəkli, qırmızı kresloya sarı yeridi və orda əyləşdi.
Mərasimi xoş sözlərlə açan ölkə başçısı, son illərin ağır siyasi burulğunlarında çabalayan məmləkətin mühüm ictimayi-siyasi problemlərindən – itirilmiş torpaqlardan, ağır qaçqın və köçkün probleminin həlli yollarından danışaraq, dünyanın bütün təriqətlərinin, dini icmaların, eləcə də ayrı-ayrı nüfuzlu din xadimlərinin bu insanəhəmiyyətli məsələdə öz sözünü deyəcəklərinə ümidli olduğunu bildirdi və bununla bağlı bir sıra icmaların gördüyü əhəmiyyətli işlərdən danışmağa başladı…
…Qoca pontifik deyilənləri dinləsə də, uzaq səfərdən aldığı yorğunluğunu gizləyə bilmir, çıxışçıya diqqət kəsildiyi yerdə göz qapaqları öz-özünə aşağı enir, yuxudan ağırlaşmış başı sinəsinə asıldıqca, kreslosunun arxasında müntəzir sayıqlıqla dayanan cavan kahinin, qulağına pıçıldadığı sözlərdən dik atılır, məsum çağa baxışlarını andıran yuxulu gözlərlə ətrafına baxır, sonra elə bil xəyala dalırdı. Bəzən onun, həmin bu xəyalların çəkisiz hüdudsuzluğunda qəfildən üzləşdiyi nələrdənsə sarsıldığı, titrək əlləriylə üzünü, başını qapayıb buralardan necəsə, uzaqlaşdığı bilinirdi…
…Ölkə başçısından sonra söz, Roma Papasına verildi.
Ruhani sözünə, ayağa qalxmadan, deyəcəklərinə gücü çatsın deyə, nəfəsini bir müddət nizamladıqdan sonra başladı. O, xəstəliyin keyidib ağırlaşdırdığı dilini ağzının içində zorla hərəkətə gətirə-gətirə, yarıanlaşılan, qırıq sözlərlə Böyük İlahi Rəhmin sonsuzluğundan, Yer üzünün ehtiyaclı olduğu qarşılıqlı dözüm və insan mərhəmətindən, dünyanı xilas edə biləcək Bədii Sözün şəfqətli, durulducu qabiliyyətindən danışır, mən, gur işıqlı səhnədən tamaşa salonunun yarıqaranlığına axmağa başlayan, qəribə, ilıq duyğu dalğasını duyur, ətrafımdakılar görməsin deyə, gözümdən, necəsə öz-özünə, qəhərsiz və ağrısız axan yaş selini gizlicə silir… buna qədər yalnız televizor ekranlarında gördüyüm bu Vatikan kahinindən illər boyu duyduğum o izaholunmaz doğmalığı, məni, ana nəvazişinə tamarzı qalmış körpə tək, bağrına basan bu qəribə mərhəməti necə, hansı möcüzəylə anladığımı başa düşə bilmirdim...
…Görüş iştirakçılarının bir çoxunun gizli-gizli əsnəməsindən, salon boyu gəzişməyə başlayan asta xısınlaşmadan, qoca pontifikin, uzun illərin quru rəsmiyyət havasının gərginliyinə öyrəşmiş bu əhali üçün maraqsız və yad olduğu bilinirdi…
Bir o qədər də yaxşı anlaşılmayan qıpıq sözlərini, dörd bir tərəfimi bürüyən iztehza dolu, xəbis pıçıltılar arasından güclə tutduğum bu rəhmdil insanı dinlədikcə, onun bura, bu küləkli məmləkətə – bizləri, anlamadığımız nələrdənsə qorumaq naminə, hansısa, ağrılardan və darısqallıqlardan qurtarmaq, nələrisə alt-üst edib dəyişmək naminə… yaxud, bəlkə də tək bir məndən ötrü – olsun ki, hədsiz sadəlövh, lakin bu dünyada yaşamaq üçün zəruri olan hansısa köndələn duyğularımın dəqiqliyini təsdiq etməkdən ötrü gəldiyini, necəsə, anlamağa başlayırdım…
…Pontifik danışdıqca, fikirləri qırılır, gözləri hansısa naməlum nöqtəyə zillənir, sanki həmin o nöqtədən oxuyub dediklərindən özü də əzab çəkirdi... Sonra nə oldusa, ruhani, rəsmi mətndən çox, kədərli duanı xatırladan çıxışını qəfildən kəsdi, heysiz əlini yuxarı qaldırıb kimsəyə baxmadan, qəfildən ucadan:
– Acların qabağında yemə!.. – dedi… dediyinin, ya səsinin təsirindən oturduğu yerdə heysiz bir ləngərtiylə yelləndi, sonra bir qədər astadan - Yeyirsənsə, onları da süfrənə dəvət elə… - deyib susdu.
Qızdırmalı adamın, son qüvvəsiylə toparlanıb kimisə köməyə çağırmasını andıran bu səda, bir müddət salonun üzəriylə dolanıb, hardasa qabaq cərgələrin üstündə havadan asılıb qaldı...
…Papanın bu qəfil çağırışından sonra salonda qəribə bir pərtlik yarandı. Mərasim üçün neçə həftədən bəri hazırlanmış ssenari ardıcıllığında pozuntular getdi, bayram təntənəsi saçan qırmızı örtüklü səhnə bir müddət hərəkətsiz qaldı...
Ortaya düşən yöndəmsizliyi, səhnəyə növbədənkənar çıxarılan uşaq xoru pozdu.
* * *
…Vatikan başçısının səfəri başa çatdıqdan sonra, qoca pontifik gəldiyi minvalla hava limanına aparılıb, ordan vətəninə yola salındığı gündən başlayaraq, ölkə ərazisində, bu vaxta qədər görünməyən, qəribə iqlim dəyişiklikləri işə düşdü…
Həmin günün axşamı ilk əvvəl ucqar dağ rayonlarına, o yerlərdə bineyi qədimdən görünməmiş, güclü tropik yağışlarını andıran, aramsız leysan yağışları yağmağa başladı… Dağlardan baş alan nəhəng sel axını neçə-neçə yaşayış ərazilərini su altına aldı.
Paytaxtda vəziyyət bir qədər sabit olsa da, axşama yaxın, Papanın gəlişindən bəri şəhərin səmasını tutmuş qaramtıl buludların arxasından asta-asta şimşək çaxıntıları eşidilməyə başladı...
Roma Papasından sonra ölkəyə qısa müddət ərzində düşən yağıntı həcmi, yerli hidrometroloqlar tərəfindən, tarix boyu bu məmləkətdə görünməyən təbii fəlakət kimi qiymətləndirilirdi. Ucqar rayonlara külli miqdarda zərər vuran bu anomal yağıntının, qarşısına çıxanı cənginə alıb aparan möhtəşəm dağ selləri yaratması, bir çox yaşayış sahələrini və zəmiləri su altında yoxa çıxarması əyalət yerlərində çaxnaşmalar yaratmışdı...
Paytaxtda isə vəziyyət bir ayrı cür dəyişmişdi. Şəhər kanalizassiya şəbəkəsinin sovurmağa gücü yetmədiyi bol yağıntının suları arasında, dəryada azan qayıqlar tək yırğalanan minik maşınlarıın yarıqaranlıq salonlarından baxanların üzündə Axirət Gününün vahiməsi dolanırdı...
Bir sözlə, hər şey qəribə, ilahi bir səliqəylə, Roma papasının səfəri barədə yazmağa başladığım hekayəmə işləyirdi…
Hekayə üçün neçə vaxtdan bəri yığıb topladığım və bütün o günlləri əl çantamda müqəddəs tutiya kimi özümlə gəzdirdiyim materialları – Papanın çıxışlarını və müsahibələrini, şəkilləri köçürülmüş diskləri ardıcıllıqla gözdən keçirdikcə, pəncərənin o üzündə, qəribə bir doluxsunmayla dolan göy üzünün mənzərəsindən, buludların arxasında, çaxmaq həvəsiylə gizli-gizdi uğuldayan şimşəklərin hənirtisindən, səbəbi özümə də məlum olmayan, qəribə bir qalibiyyət hissi keçirir, bəzən, yazdığım yerdə, uşaq kimi kövrəlirdim…
Əsər – Papanın gəlişi ilə ölkədə işə düşən sirli iqlim möcüzələrindən, qoca pontifikin, özü ilə gətirib gəldiyi yağışların, buraları – il boyu əsən aramsız, tozanaqlı küləklərin, bütün yaşıllıqları bozartdığı bu bozumtul məmləkəti yuyub təmizləyəcəyindən, şimşəklərin, gecələrlə guruldayıb, insanlarda İlahi qorxular yaradacağından bəhs etməliydi…
Hekayəni, əlimdən sivişə bilcəyinin qorxusuyla, ağlasığmaz sürətlə işləyir, ölkə boyu cövlan edən anomaliyalar barədə televizordan, əlimin altında saxladığım balaca radiodan axan məlumatları o biri əlimlə ayrı bir tərəfdə kağızlara qeyd edir, üstümə hardansa, öz-özünə axan, axa-axa, bir-birini itələyən fikir və duyğu fəvvarəsindən, az qala başımı itirirdim…
...Pəncərə şüşələrini, damın dəmirlərini səhər-axşam, gecələrlə gah həlim tıqqıltılarla, gah da döyüş təbili hikkəsiylə döyəcləyən yağışların səsi altında yazdığım yazı başdan-başa yağış idi... Yazı uzandıqca, bəzən mənə elə gəlirdi ki, Papadan sonra ölkə boyu yağmağa başlayan bu sirli yağışları kəsilməyə qoymayan, artıq mənim, hekayə boyu yağdırdığım ədəbi yağışlarımdı...
İş o yerə çatmışdı ki, mən bu yağışları, əsərdə yazdığım yağışlarımı idarə edən kimi, idarə eləməyi də öyrənmişdim… Bu, təxminən belə baş verirdi ki, mən, yol getdiyim yerdə sidq-ürəkdən dilədiyim istəklə, üstü ilə irəlilədiyim səkini isladan yağışı dayandırır, bir qədərdən sonra, həmin istək və diləklə ayrı bir səkidə yenidən yağdırmağa başlayırdım…
…Yerli hidrometeoloqların, «siklon yağışları» adlandırdıqları bu şüurlu yağıntının tezliklə kəsiləcəyi barədə günaşırı yaydıqları proqnozların hər dəfə səhv çıxması məni o səbəbdən təəccübləndirmirdi ki, mən, onlardan fərqli olaraq, yenicə biçilmiş ot qoxulu bu yağışların buralara, hansısa küləklərin köməyi ilə qovulub gətirilən adi bulud yağıntısı olmadığını, bu yağıntı bolluğunun, öz xəstə canıyla bu məmləkətdə axır ki, nəyisə dəyişməyə nail olmuş Papanın yağışları olduğunu dəqiq bilirdim.
Qaş-qabağı heç cür açılmaq bilməyən günəşsiz səmanın davamlı tutqunluğundan, sulu, sürüşkən küçələrin kimsəsizliyindən, gecələrlə qaranlıq səmanın dərinliklərindən, hansısa ayrı dünyanın sirli hənirtiləri tək, eşidilən qorxunc şimşək çaxıntılarından kütləvi məyusluğa düşmüş ölkədə həqiqətən, nələrinsə dəyişdiyi - nəynisə sona yetirdiy bilinirdi…
İl uzunu davamlı ardıcıllıqla əsən şimal küləklərin dalğalandırıb bulandırdığı dənizin də, qatı tozanağın altında daim bozara qalan yaşıllıqların da rəngi dəyişmişdi… Yağışların, sellə bir yuyub-təmizlədiyi ərazilərdə, nəyəsə xidmət edəcək yeni, ağ binalar tikilməyə başlamışdı.
Papadan yadigar qalan bu şəfqətli yağışlardan sonra elə bil insanlar da dəyişmişdi. Şəhərin hay-küylü küçələri ilə adətləri üzrə bir-birinin böyründən, tələsik, işgüzar addımlarla ötüşən ərköyün şəhər adamlarının üzlərində də, davranışlarında da qəribə bir həlimlik duyulurdu…
…Xüsusi işlər üzrə dövlət idarəsinin çoxmərtəbəli binasında da nə isə dəyişmişdi. Bina, sanki nədənsə hürküb qorxan təki, dayandığı yerdən bir neçə addım geriyə çəkilmiş, qarşısındakı geniş səkisi qəribə bir yığcamlıqla daralmışdı. Son ayların yağıntı bolluğundan, yoxsa, qarşısındakı nəhəng açıqlığa, qara qalxan parıltısı ilə yatan saysız dövlət maşınlarının qara parıltısından qəribə bir qaraltıyla qaralan bu tikili, qəribədi ki, həm də elə bil kiçilmişdi. Aramsız yağışlardan dərin gölməçələr bağlayan səkisinin kimsəsizliy, qızılı haşiyələri nəmişlikdən qaralıb bozaran nəhəng giriş qapılarının hərəkətsizliyi, axşamlar, hava qaralanda, adətən işıqlı cərgələrlə sıralanan pəncərələrinin sönüklüyü, Papanın sirli yağışlarının burda da – bir vaxtlar şeir yazıb ağlayan, incə qəlbli şair-dostumu xəbis məmura çevirmiş bu mühüm işlərlə məşğul dövlət idarəsində də nəyisə dəyişdiyini bildirirdi…
…Mənsə, Papanın yağaşlarından yazdığım əsərimi tezcə başa çatdırmaqdan ötrü, gecələr yuxuda da yazırdım…
Bu yuxularda bəzən mən, Günəş şüalarının hansısa bucağı altında, yaxud, qəfil siklon küləklərinin təsiri ilə - bütün bu baş verənlərin mənim xəstəhal yazıçı uydurmam olduğunu anlayır, bu yuxulara günaşırı xüsusi dövlət geyimində təşrif buyuran dostumun, elmi dəlillərlə əsaslandırdığı mükəmməl qənaətləri ilə razılaşmaq məcburiyyətində qalırdım…
Bu qənaətlər, son ayların yağıntı bolluğunun, mənim dediyim kimi, «Papanın, hardansa özü ilə gətirib gəldiyi Böyük İlahi Rəhm» yox, Kainat boyu işə düşmüş hansısa naməlum, sirli dəyişikliklərin, Yer üzünün hər nöqtəsinə təsir etdiyi kimi, burda da anomal iqlim dəyişkənliyinə səbəb olduğunu sübuta yetirir, yuxuda mən, bu «dəmir məntiqli» dəlillər qarşısında təslim olur, səhərlər isə, hansısa gizli inamla ona yenidən qalib gəldiyimi hiss edirdim…
Bəzən isə, içi tutqunluqlar dolu, hansısa ayrı yuxularımda – həmin bu yağıntıların arasıyla, öz xof dolu qorxularıyla azmış şair dostumu, onun ardınca, hansısa ayrı növ qorxular və xoflarla irəliləyən o biri qələm dostlarımı görür… onları nədənsə qurtarmaq, xilas etməkdən ötrü, dayandığım gizli aralıqdan, həmin o aralığın kiçik nəfəsliyə bənzər dar kəsiyindən, həyəcandan boğula-boğula onlara:
– Qorxmayın… qorxmayın… – deyir və bundan, niyəsə, öz-özümə vahimələnirdim...
1 Roma papasının, Vatikanın tabeçiliyndə olan kilsə icmalarına xüsusi göndərişi
2 Kilsələrdə keçirilən rəsmi nahar mərasimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
суббота, 21 июля 2007 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий