*** VAQİF MUSTAFAYEV FENOMENİ, YAXUD BÖYÜK XİLASKAR.
A.MƏSUD
İstedadlı kino-rejissorumuz Vaqif Mustafayevin son işlərindən olan «Yoxlama» televiziya filmi bu sənətkar barədə dəfələrlə dediyimiz «bənzərsiz», «usta» sözlərini bir daha təkrarlamağa əsas verdi və bu ilin yanvar ayının əvvəllərində İctimai televiziyanın kanalı ilə yayımlanan filmə baxan bizlər nəhayət ki, bir neçə günlüyə də olsa, öz efir məkanımızla doğmalaşdıq, evlərimizə qədəm qoyan unudulmuş dəyərləri - müqəddəs azərbaycançılığı, yalnız bizlərə xas olan bənzərsiz insan sevgisini, dözümlülüyü, uzun illərdən bəri itirib unutduğumuz daha nələrisə, özümüz barədə nə vaxtlarsa bildiyimiz hansısa vacib həqiqətləri xatırladıq və bir vaxtlar olduğu kimi, səbirsizliklə axşam saatlarını – filmin efirə gedəcəyi 21.00-ı gözləməyə başladıq. Bu ümid və rahatlıq dolu günlər başa çatdı, film bitdi, biz isə hələ də onun, gündəlik həyatımıza gətirdəyi anlaşılmaz təkanın, izaholunmaz məhrəmliyin içində yaşamağımıza davam edirik…
Cəmiyyətin gizli qatlarında baş verənlərdən ən üzdə olanını - korrupsiyanın öz qara işini gördüyü, qohumun qohuma kəf gəldiyi, təsadüfi səhvin soyuq ölüm cəzasıyla nəticələndiyi qaranlıq bir sferada cərəyan edənləri təsvir edən bu filmin məndə yaratdığı bu sayaq «qeyri-adekvat» təəssürat olsun ki, kimlərisə çaşdırsın, lakin söhbət nədən gedir?
Film zahirən, uzun illərdən bəri gözümüzün qarşısında, burnumuzun ucunda gedən sıravi, sosial mövzuya toxunub:
iqtisadi cinayətkarlıq, dövlət əmlakının mafioz qruplaşmalar tərəfindən talan edilməsi və bu qorxunc möhtəkirlik burulğanında amansız cinayətkarlarla əlbəyaxa döyüşə girən inanılmaz dərəcədə prinsipial, dövlətçiliyə və dövlət büdcəsinin qorunmasına sadiq müfəttiş. Acgöz və rüşvətxor görməyə alışdığımız vergi müfəttişi burda, vəzifə kürsüsünü istənilən məqam könüllü surətdə təhvil verməyə hazır olan nazir qədər gözlənilməzdir. Mövzu baxımından filmdə yeni və bir qədər mistik olan budur. Qalan obrazlar və hadisələr zahirən həddən ziyadə tanış və məlumdur.
Lakin bütün bu tanış məlumluqların, «gizli əməliyyatların» nəticələri ilə səhər-axşam qəzet səhifələrində, televizya ekranlarında tanış olan bizləri bu çoxseriyalı filmə nəfəskəsən maraqla baxdıran, film bitdikdən sonra belə, paraşütdən atılan təki, uzun müddət haralardasa ilıq, doğma ərazilərdə üzdürən nədi belə?..
Bu izaholunmaz sirr hələ Vaqifin ilk filmlərindən – «Mozalan» satirik jurnalı üçün çəkdiyi qısametrajlı, lakin hər biri rejissor görümü baxımından yeni olan lentlərində də duyulurdu. Statik kameranın tuşuna gələn cansız predmetlərin belə, Vaqifin sehrli görümü altında qəribə, az qala mistik mənalar kəsb etməyə başlaması, sonralar da rejissorun filmlərinin əsas məziyyətlərindən birinə çevrildi.
Həmin bu sehr «Yoxlama» filmində də öz peşəkar ovsununu işə salır və tamaşaçını, filmdə baş verən hadisələrdən hardasa yuxarıda, yaxud aşağıda - hardasa alt qatlarda gedən daha ciddi, şüuraltı proseslərə qoşur. Bu, hansı proseslərdir?
İlk növbədə bu, dünyanın irili – xırdalı tamah və nəfs tələlərində çabalayan, əslində yaşamalı olduğu həyatın hansısa o biri üzündə «ömür sürən» və bu mexaniki, şərti yaşamla özü də bilmədən, dünyanın havasız, darısqal qatlarına ilişən, bu ölüm və təhlükə qoxulu yad ərazilərlə öz «mən»i arasındakı natarzlıqda vurnuxan əzablı insan yaşantısı prosesləridi.
Filmin görüntüləri – mənzillər, zavod, yollar, küçələr… mövzu: iqtisadi möhtəkirlik və bu duruma qarşı quru canı və yenilməz sədaqəti ilə mübarizə aparan fədakar müfəttiş…
İlk əvvəl, bunu etiraf etməliyik ki, bu sayaq utopik müfəttişin yaradılsması faktının özü, bu günkü ağır mənəvi deqradə mərhələsini yaşayan cəmiyyətimiz üçün gözlənilməz, gözlənilməz olduğu qədər də təqdirəlayiq hadisədir. Dünyaya, insanlara inamı, xeyirxahlığın və düzlüyün əvvəl-axır qalib gələcəyini vaxtı ilə bizlərə aşılayann nağıllarımız da başdan-başa bu sayaq utopik qəhrəmanlarla doludur və biz yəqin ki, xislətimizdəki müəyyən işıqlı məqamlara görə məhz həmin bu əfsanəvi xilaskarlara borclu olduğumuzu anlayırıq.
Filmin əsas məziyyətlərindən biri - insan münasibətlərinin yalnız Vaqifə məxsus unikal həssaslıqla həllidir. Məhz bu səbəbdən tamaşaçı, film boyu baş verən ölüm havalı gərgin hadisələr zəmnində təhlükə və cinayət qoxuyan gizli əməliyyatların iştirakçılarına - nə poladəritmə zavodunun yumşaqqəlbli müdirinə, nə sadəlövh müfəttiş-qohumuna tələ quran mafioz əmiyə, nə də əminin məkrli qurğularını həyata keçirən axsaq icraçıya nifrət etmir. Burda bütün qorxuncluğu və təhlükəsi ilə niyəsə hamı doğmadır. Mövzu baxımından reallığa söykənən filmin mahiyyət etibarı ilə qəribə, mistik mənalar kəsb etməsinin bir sirri də məhz bundadır.
Film boyu, zahirən elə bil bir o qədər də əhəmiyyət kəsb etməyən, əslində isə özü-özlüyündə filmin canını təşkil edən bu münasibətlərin sanki təsadüfi, gözədəyilməyən kiçicik detallarla açılması rejissorun yaradıcı bioqrafiyasının ən fərqli cəhətlərindəndir. Və bu yerdə biz tam səmimiyyətlə deyə bilərik ki, Vaqif Mustafayev - Azərbaycan kinosunda, insan psixoanalizinə dair aparılan uzun-uzadı, qəliz elmi-fəlsəfi tədqiqatların belə bu qədər görünən şəkildə aça biləmədiyi mürəkkəb, izaholunmaz məqamların sanki təsadüfi detallarla açılmasının ustasıdır. Vaqifin filmlərninin doyulmaz maraqla baxılmasının bir səbəbi də məhz budur. Neçə-neçə kadrların, epizodların köməyi ilə açıqlanacaq böyük həqiqətlərin, göz qırpımında, sadı fəndlərlə həlli, yaxud əksinə, tamaşaçı marağının mərkəzində duran kulminativ məqamların sonacan açılmaması, sanki qəsdli şəkildə yarımçıq saxlanılması Vaqif Mustafayev yaradıcılığının özəllikləri sırasındandır.
Danışan kamera Vaqifin digər filmlərində olduğu kimi, burda da filmdə baş verən hadisələrlə paralel surətdə nə isə danışır və nə qədər qəribə də olsa, kameranın dedikləri, filmin dediklərindən daha emosional və maraqlıdır. Obrazların robotsayağı danışıq tərzi də, bu insanların, əslində üzdə baş verənlərin yox, hardasa altda, yaxud daha hansısa sirli tərəflərdə gedən əsas prosesləri apardığından xəbər verir. Filmdə əksər hadisələrin daim hardasa alt qatda - zirzəmilərdə cərəyan etməsi də buna işləyir. İnadkar müfəttişin özünün də otağının, mənzilindən bir qat aşağıda – zirzəmidə olması, həmin «yeraltı» dünya ilə mübarizənin «oralarla» «ərazi» etibarı ilə eyni səfiyyəli müstəvidə aparılmasının labüdlüyünü vurğulayır. Bu bədii tapıntı ilə rejissor bizlərə, həm də yaşadığımız həyatın əsil üzünün - astar üzünün, onun görünən yox, gizlidə olduğunu, əsil həyat proseslərinin üzdə yox, hardasa arxa planlarda getdiyini anladır. Və burda tamaşaçı izahı olmayan qəribə bir həqiqətin astanasına çatır: niyə əsil olanlar gizlidə, arxada, əhəmiyyətsiz mahiyyət daşıyıcılasa üzdədi?..
Mahiyyət etibarı ilə az qala qədim sufiliyin unikal dünyagörümünə yaxınlaşan bu fəlsəfə aşkar və gizli dünyalar həqiqətinin izahı olmayan, dərin, sirli qatlarına aparıb çıxarır. Filmin sosial mövzulu sadə əsər kimi qəbul edilməsinə ilkin maneəni də məhz həmin bu paradoksal mahiyyət yaradır. Filmdə kifayət qədər görünən bu qayənin əksər tamaşaçılar tərəfindən sezilməməsi, anlanmaması, sadəcə təəssüf doğurur və yada, dünya mədəniyyətləri tarixində, ilkin mərhələlərdə tanış olmayan, kütləvi tələbat normativlərinin darısqal formatlarına sığmayan bəşəri şedevrlərin acı talelərini salır.
«Yoxlama» filminin bir önəmli cəhəti də, onun Azərbaycanı, Bakını tamamilə yeni, unikal bir rakursdan təqdim etməsidir. Qədim Bakının memarlıq və insanlıq tarixi, müxtəlif zümrələrə xas sakinləri, özünəməxsus dostluq və ailə münasibətləri, ənənəvi azərbaycanlı mahiyyəti, zaman ötdükcə unudulmuş, üstü yad, gəlmə ərplərlə qaysaqlanmış milli özünəməxsusluq, saflıq və xeyirxahlıqdan yoğrulmuş milli mahiyyət… Film boyu gördüyümüz şəhər, küçə, təbiət mənzərələrinin Bakı, Azərbaycan, yoxsa Madrid, ya Kaliforniya olduğunu müəyyənləşdirə bilmir, illər uzunu hər qarışına bələd olduğun bu qədim şəhəri yenidən kəşf edirsən. Mövcud olanın, ünvanı, məkanı bəlli ərazilərin bu sayaq yeni, az qala irreal plandan görülməsi, qəribə bir paralelliklə həm də hadisələrin coğrafi məhdudluğunu aradan qaldırır, toxunulan mövzunun, milli, ərazi sərhədlərini şəffaflaşdırır.
Vaqifin digər filmlərində olduğu kimi, burda da aktyor seçimi və aktyorlarla qeyri – ordinar iş üsulu diqqət çəkir. Peşəkar aktyorlarla yanaşı filmə, kino sferasına bələd olmayan sıravi insanların da cəlb edilməsi, bu qeyri-peşəkarların peşəkarlarla eyni səviyyəyə çatdırılması sadəcə heyrət doğurur və kino mətbəxinin hüdudsuz imkanlarından, rejissor məharətinin ənənəvi kino qaydalarını rahatlıqla adlayıb keçmək imkanından xəbər verir.
Və sonda: birseriyalı kompakt filmin atmosferini yaradan bu çoxseriyalı televiziya filimini, yüksək bədii-estetik məziyyətlərinə, bugünkü mənəvi aclıq durumumuza mahiyyət etibarı ilə gətirdiyi dirildici qidasına görə, sözün əsil mənasında «böyük xilas cəhdi» adlandırmaq olar və bu müqəddəs cəhdinə, sənətinə və peşəsinə bu dəyişilməz, sadiq sevgisinə görə bizlərə, böyük sənətçimizə minnətdar olmaq, bu sayaq növbəti «xilas cəhdlərində» əzmkar olmağı arzulamaq qalır.
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
вторник, 2 июня 2009 г.
на 04:35
Комментариев нет:
Отправить комментарий