SUİTİ
(roman)
…Kürsüyə qalxanda hiss elədi ki, deyəcəyi sözlər bu «qoyun sürüsünə» bir o qədər də təsir eləməyəcək… Həm də həmişəki səlist cümlələrlə, sinə dolusu nəfəslə danışa bilməyəcək.
Bu gün hamı həmişəkindən çox oxşayırdı qoyuna. Əvvəllər bu qoyun sürüsündən özünə qarşı marağa oxşar nə isə hiss eləyirdi. Bu maraq onun şəxsiyyətinəydi, ya deyəcəyi sözlərəydi, ya heç bir maraq-zad yox idi, bunu özü özü üçün uydurmuşdu?..
İndi dəqiq heç bir maraq yox idi. Elə bil onu görməkdən yorulmuşdular...
…Dili niyəsə qupquru quruyub damağına yapışmışdı, udqunanda quruluqdan boğazı göynəyirdi. Bir sözlə, danışmağa halı yox idi. Yenə zəhirmara qalmış şəkəri qalxmışdı yəqin. Dünənki yağlı plov, bir də rahat-hülqum kimi, az qala bütöv-bütöv udduğu üç yumşaq paxlavanın altıydı çəkirdi...
Dünən qonaq olduqları evin xanımı iri aş nimçəsinə plov çəkdikcə, arvadı bir xeyli altdan-altdan əyri-əyri gah onu, gah da evin incəbel xanımını süzmüşdü...
Arvadı bu dünyada olan bütün incəbel qadınlara onu qısqanırdı, bilirdi. Olsun ki, ona görə qımqanırdı ki, arvadının, o biri arvadlardan fərqli olaraq, beli yox idi… heç əzəldən olmamışdı… Sonra sağ ovucu ilə sol ovucunun içini qaşıya – qaşıya fikirləşdi ki, arvadının nəinki beli, bütün «arvad» adlandırılan məxluqlara xas olan yancaqları da yox idi, odu ki, qısqanclıqdan boğulurdu. Arvadının yancaqlarına dolası əti, elə bil çaşıb niyəsə yuxarı – çiyinlərinə, qollarına dolmuşdu.
…Dünən arvadı onu pis-pis süzəndən sonra başını aşağı salıb qıçını onun qıçına da vurmuşdu, nadinc uşağına göz ağardan təki gözünü ağardıb zabit zəhmiylə astadan:
– Çörəyini ye… - demişdi.
O da başını aşağı salıb şəkərini unudub ürəyi döyünə-döyünə qabağına keçəni içəri ötürmüşdü. Odu ki, indi ölürdü…
…Əslində isə ölməyi dünən gecədən başlamışdı... Dünənki gecədən sonra elə bil arvadının bəbəkləri yerini dəyişmişdi. Bu səhər arvadı həmin o əyri bəbəklərlə onun niyəsə qarnına baxa-baxa:
– Əclafsan ki, əclafsan. Hər yerdə gərək qanımı zəhərə döndərəsən... – demişdi.
Arvadı dünənki gecədən sonra danışıb-danışıb, arada bir nəfəsini dərə-dərə diqqətlə onun gözünün içinə də baxırdı… elə baxırdı elə bil dediyi sözlərin təsirinin dərəcəsini bilmək istəyirdi...
…Fikirləşirdi ki, arvadının gözləri niyəsə gündən-günə dəyişir, elə bil kiçilir... Axı evlənəndə arvadı əməlli-başlı göyçək qız idi, yaraşıqlı qaş-gözü vardı, boy-buxunu vardı və hətta deyəsən beli də vardı…
Bu yerdə nazirin yadına, nişanlı vaxtlarında arvadının belini qucaqladığı günlər düşdü... Onda arvadı barmaqlarının ucuna qalxıb isti, yumşaq qolları ilə onun boynuna sarılırdı, qəribə nəvazişlə çənəsindən, sinəsindən öpürdü…
…Əlini boynunda, çənəsində gəzdirdi. Boynu yox idi... əli ikiqatlı piyli buxağın üstüylə gəzdi…
…Zala sakitlik çökmüşdü. Bir yığın göz, hücuma köklənən aqressiv çəyirtkə sürüsü kimi ona zillənmişdi… Ağzını açmağını gözləyirdilər ki, «A» deyən kimi sürüylə üstünə şığıyıb minlərlə sulu, iti neştərlərini bədəninə sancsınlar…
Özünü toplayıb stolun üstündəki mikrafonu özünə sarı aşağı əydi, boğazını arıtlayıb həmişəki qoruyucu yorğun ovqatla:
– Burda irəli sürülən bütün təkliflər əslində mənə çoxdan tanışdı… – dedi – Məsələ burasındadı ki, ilk əvvəl biz bunu fikirləşməliyik ki, teatr idarəsinin, bu kiçicik alaçiy qurumun bu gün «muxtariyyat» istəməsi nə qədər lüzumludur… Onu da nəzərə alsaq ki, idarənin rəhbəri hələ püxtələşməyib və açığını desək, bu gün idarənin düşünürəm ki, vəziyyəti bir o qədər də qənaətbəxş deyil…
…Zalda pıçıltı gəzdi.
Sağ əlini yuxarı qaldırıb:
– Bircə dəqiqə… Özünüz bilirsiz ki, mən heç vaxt yeniliyin və müstəqilliyin əleyhinə olmamışam. – dedi - Amma gəlin məsələyə bir qədər ayıq yanaşaq. Bu gün teatr idarəsinin ortaya atdığı bu qondarma məsələ, siz deyən elə bir yenilik də deyil axı. Bu barədə vaxtı ilə mən özüm də müxtəlif səviyyələrdə məsələ qaldırmışam. Onda yəqin bizim bu inqilabçı müdirimiz hələ orta məktəbdə oxuyurdu...
Bu yerdə hiss elədi ki, qəhər boğazını tutur, dili sözünə baxmır… dili ölü balıq kimi ağzının içində o yan-bu yana çırpılır… Niyə kövrəldi axı?.. Nədən belə qəhərləndi?..
…Teatr idarəsinin müdiri başını aşağı salıb zalın arxa küncündə müttəhim kimi oturmuşdu.
…Fikirləşdi ki, ölsün qoy... Elə oturduğu yerdəcə yerə girsin... Gözündən gəlsin. İllərlə akademiyanın dəhlizlərində küllənən burnufirtıqlı namizədlərin içindən seçilib adamlar arasına çıxmışdı, odu ki, indi belə qudurmuşdu. Yiyəsinə şıllaq atan küçük...
Barmağını arxaya uzadıb:
– Bizim bu gənc müdirimizin sərbəstliyə belə can atmasının əsl səbəbini də gözəl başa düşürəm. – dedi – O məqaləsindən sonra qoltuğuna qarpız verənlərin sayı çox olub görünür. Əlbəttə, o məqalə elə-belə cızmaqara deyildi axı?!. Bu, yeni nazirin perspektiv proqramı idi!… Bu yoldaşın dərdi – teatr idarəsinin vəziyyəti deyil, bunu birdəfəlik başa düşmək lazımdır, ay mənim əzizlərim və mənə elə gəlir ki, bir çox yoldaşlar bunu başa düşürlər də. Yoldaşlar, axı məqaləni Allaha şükür, oxumuşuq. Bu iddialı yazı axı əslində teatra yox, bütövlükdə nazirliyə və daha dəqiq desək, şəxsən mənə aid idi...
Zalda yenə pıçıltı gəzdi...
– Lakin mən istəyirəm ki, bizim bu cavan dostumuz birdəfəlik sırğa eləyib assın qulağından ki, mən heç də özümü köhnə üsul-idarənin təmsilçisi hesab eləmirəm. Əksinə, son nəfəsimədək bu yolda mübarizə aparmağa hazıram və bunun üçün kifayət qədər qüvvəm var.
...Burda hiss elədi ki, səsi yerli-dibli qırıldı, dili ölüb cansız ət parçası kimi çənəsinin içinə düşdü…
Kürsüdən özünü zorla hərlədib çıxdı. Yerinə keçə-keçə, əsəbilikdən boğula-boğula fikirləşdi ki, gərək özünə, bədəninə uyğun kürsü düzəltdirsin. Çünki son aylar, ələlxüsus da doyumlu naharlardan sonra bu darısqal kürsüdən çıxmaq müşkül məsələyə çevrilirdi. Kürsünün məhəccəri tarım qayış kimi gövdəsinə dolanıb göbəyini sıxırdı, geriyə çəkilib kürsüdən çıxmaq istəyəndə isə, bədəni kürsünü laxladıb mütləq mikrofon xətlərini, ya nələrisə qırırdı... Bir dəfə isə bu kürsüdən heç çıxa bilməmişdi. Həmin gün, yadına gəlir səhər də, günorta naharında da sulu xörək yemişdi, qarnı üfürlənib tarıma çəkilmişdi. O gün düz dörd saat bu darısqal kürsüyə pərçimlənib çıxış eləmişdi, danışdıqca elə bil bir az da üfürlənib şişmişdi, sonra özünü bir təhər, darta-darta çəkib axır ki, çəkib kürsüdən çıxara bilmişdi. Daha doğrusu, kürsünü bədənindən çıxarmışdı...
…Nida ahəngli son cümləsindən sonra zalda uğultu yaranmışdı... Arxa cərgələrdə isə sakitlik idi. Zalın orta hissəsi də sakit idi. Burda nazirliyin bitərəf əməkdaşları əyləşmişdi. Qabaq cərgələrsə bulanıq dəniz kimi dalğalanırdı...
Yerinə əyləşib stolun üstündəki su şüşəsinin içindəkini stəkana boşaltdı, birnəfəsə başına çəkdi, sonra işgüzar həvəslə qarşısındakı vərəqdə bayaqdan bəri cızdığı dəvəquşunun dimdiyini qaraltmağa başladı…
…Çox keçmədi ki, zalın «dalğalanması» gerilərə də yayıldı, ordan-burdan ürkək səslər eşidilməyə başladı:
– Qoy özü desin, görək, nə istəyir...
Küçük… – nazir dimdiyi əsəbi-əsəbi qaralda-qaralda fikirləşdi – Səni qoz qabığına soxmaq mənə borc olsun…
Sonra qəfildən gözü teatr idarəsi müdirinin, arxa cərgənin qaranlıq küncdən pis-pis ona zillənən gözlərinə sataşdı və bədəninin tən ortasından ayaq barmaqlarının ucunacan namnazik, bumbuz ilanabənzər nə isə sürünüb getdi…
Axı niyə bu cavan adam ona bu qədər nifrət eləyirdi?!. Yaxşı tutaq ki, ona sərbəstlik vermirdi, ya dəhlizdə görüşəndə salamını bir az soyuq alırdı. İndi nolsun, buna görə adama bu boyda nifrət eləyərlər?!.
…Bayaqdan bəri sağ böyründən gözünün yanıyla onun dəvəquşusunu güdən müavini qəfildən qulağına sarı əyilib astaca:
– Bəlkə bağlayaq bazarı?.. – dedi.
Başını yelləyib «yox» dedi və bu inadkarlığına görə özünün özündən xoşu gəldi. Burası yüz faiz dəqiq idi ki, neçə illərdən bəri ürəyində özünü hazır nazir hesab eləyən bu bığlı müavin heç vaxt kütlənin nə olduğunu başa düşə bilməyəcəkdi. Və ömrünün axırınacan onu da başa düşə bilməyəcəkdi ki, təkcə elə bunu başa düşə bilmədiyi üçün də heç vaxt nazir ola bilməyəcəkdi. Bu özündənrazı, ürkək müavin ən əsası onu başa düşmürdü ki, bu cür qaynayıb-coşan vaxtı iclası qəfildən bağlamaq, coşqun ədalət hisslərinin həyəcanlandırıb yerlərindən oynatdığı bu adamları elə-beləcə qaynaya-qaynaya evlərinə yollamaq – nəhəng, qaynar qazanın ağzına ağır qapaq qoymaq kimi bir şeydi. Onların fısını, xörəyin kəfini alan kimi, ehmalca alıb altdan-altdan vamla qaynatmaq, sonra dəmə qoymaq lazımdı ki, xörəyin həm əti bişsin, həm də dadı qaçmasın.
…Gözünün yanıyla bığlı müavinə baxdı. Müavin başını aşağı salıb bığının bir yanını eşə-eşə yenə nə isə yazırdı... Gözünü yazıya gəzdirdi. Müavinin ibtidai sinif şagirdinin xətti ilə vərəqdə yazdığı iki misralıq şeiri oxudu:
Ay qızıl top, qızıl top,
Qalx səmaya, eylə hop…
…Gözaltı, üzündəki əttökən sevgi ilə yazdığı misralarda yaşayan çalsaçlı, çalbığlı, nəhəng gövdəli müavinə baxdı… Fikirləşdi ki, odu ki, uşaqlar bu gündədi… Bədbəxt uşaqlar üçün gör bir kim şeir yazır, özü də gör bir harda?…
Bir də… Bu yerdə naziri gülmək tutdu. Bu boyda gövdə, bu Koroğlu bığları hara, zərif uşaq poeziyası hara?!
Sonra da fikirləşdi ki, Allah bilə bu dəqiqə sağ böyründə oturub fıshafısla şeir qoşan bu piy çəlləyi bu əttökən şeirləri olsun ki, uşaqlara olan «dəruni məhəbbətindən» yox, özü üçün – dal gününə, «qara günü»nə yazır. Təqaüdə çıxanda, «Əməkdar incəsənət xadimi», «Xalq şairi» adını almaqdan ötrü, daxıla xırda pul atan kimi sətir-sətir, misra-misra yazıb bir kənara yığır.
– Belə getsə, məsələ lap qızışacaq…
Bunu sol tərəfində oturan o biri müavini dedi.
– Mən dedim də… Bu aşkarlıq məsələsi müsəlman üçün döyül də...
Müavinə sarı baxmadan, ağzının içində:
– Darıxma… - deyib vərəqi o biri üzünə çevirdi.
Hə, belə adi şeyləri çalsaç müavini kimi, bu biri müavini də başa düşmür… – nazir fikirləşdi. Bilmirlər, amma hər ikisinin də ürəyindən nazir olmaq keçir. Allah bilir, gecələr bunu yuxularında da görürlər. Görürlər, necə onun yerində oturub dəyirmi, qırmızı telefonuyla danışırlar, çöhrayı maşınının məxmər üzlü oturacağına yayxanıb yellənə-yellənə Nazirlər Kabinetinə gedirlər… necə Çindən gətirib gəldiyi mavi çini fincanından qurthaqurtla çay içirlər…
Bu yerə gəlib çatanda sol gicgahı qəribə, ritmsiz döyüntülərlə lükküldəməyə başladı. Olsun ki, qan təzyiqi qalxdı…
Bunu ölənəcən yuxularında da görəcəklər… – nazir fikirləşdi, sonra dəvəquşunun o biri üzündə çəkib başa çatdırdığı qara atın quyruğunu qaralaya-qaralaya özü-özünə əsəbiləşdi. Doğrudan bu nə cəmiyyətdi, nə həşərat yuvasıdı?!. Niyə hamı nazir olmaq istəyir axı?!. Bu malbaş müavinlər də nazirlik arzusundadılar, teatr idarəsinin bu dılğır müdiri də, Nazirlər kabinetinin elm, təhsil və mədəniyyət şöbələrində də nazirlik azarına tutulanlar çox idi, bir-iki düdük qəzet redaktoru da nazir olmaq arzusu ilə yerlərində dingildəyə-dingildəyə onun bostanına daş atmağa başlamışdılar... Hamıya da elə gəlirdi nazir olmaq – elə səhərdən axşamacan selektorun düymələrində «çalıb» qırmızı hökümət telefonuyla yuxarılarla danışmaqdan, hazır sənədlərə imza atıb hökumət maşınında gəzməkdən ibarətdi… Ay hay… Özü də niyə hamı məhz mədəniyyət naziri olmaq istəyirdi?! – nazir fikirləşib lap hövlləndi… Niyəsə heç kimin köqlündən meşə naziri, yaxud rabitə naziri, tutalım elə lap tikinti naziri olmaq keçmirdi…
Qabaq cərcədə onunla üzbəüz oturub bayaqdan bəri qara, sürməli gözlərini üzünə zilləyən Musiqi idarəsinin xanım – rəisi qəfildən başıyla qapıya işarə edərək ayağa qalxdı, arxada oturanlara mane olmamaqdan ötrü aşağı əyilib ehmal addımlarla zaldan çıxdı… və nazir ağlına gələn növbəti fikirdən qıdıqlandı… Hamının dəli həvəslə düşdüyü bu nazirlik azarının səbəbini deyəsən axır ki, tapdı... Müğənnilər, balerinalar, aktrisalar… hə, məsələ də elə burasındaydı... – nazir fikirləşdi. Olsun ki, yuxarılar da, aşağılar da, hamı ona mədəniyyət nazirindən çox, hərəmxana müdiri kimi baxırdı...
...Sonra hardansa yadına, qoca professorun - onun keçmiş müəlliminin, indi isə artıq ən sadiq dostunun qədim türk müharibələrindən danışarkən dediyi qəribə vahiməli sözlər düşdü yadına… «…tarix boyu bütün müharibələr əslində torpaqlar, ərazilər uğrunda yox, yeni qadınlar uğrunda olub... Yeni torpaqların yeni, yad qadınlarını ələ keçirmək azarı… Bil ki, tək bir torpaq, yaxud hansısa iqtisadi, ya coğrafi mənafe minlərlə erkəyi o sayaq anlaqsız fədaiyə çevirə bilməzdi…»
…Professorun ağıllı gözləri hardansa uzaqdan üzünə zilləndi... O gözlərdən nazirin bədəninə damla-damla yumşaq bir istilik axdı… və nazir hiss elədi ki, bu qoca dostu üçün burnunun ucu göynəyir… Axı bircə onun yanında özünü rahat hiss eləyə bilirdi…
…Professorun gözlərinin dərinliyində yenə həmin o uzaq illərin mərhəmət ifadəsi işarırdı… balaca əlləri yenə tələsə – tələsə onun üçün nə isə hazırlayırdı - çörək dilimləyirdi, meyvə soyurdu, qəhvə dəmləyirdi… Sonra professor balaca, yaşıl gözlərini onun üzünə zilləyib araqla dolu balaca stəkanı başına çəkirdi... arağın son damlası ağzının yanıyla süzülüb nimdaş köynəyinin yaxalağına yayılırdı… balaca araq stəkanı professorun, ondan da balaca əllərində elə nəhəng görünürdü, elə bil professorun əllərindəki stəkan yox, içi araq dolu vedrə idi… Sonra arağın acı tamından balaca professorun elə bil əti çimçəşirdi, cılız bədənindən elə bil ildırım keçirdi, dişsiz damaqları bir-birinə sıxılırdı…
…Zalda aləm bir-birinə qarışmışdı... Kürsüyə plan şöbəsinin müdiri – plançıdan çox, opera müğənnisin xatırladan hündürboy, buxaqlı adam çıxmışdı, bədənini yandırıb-yaxan enerjisini xərclədikcə, dördkünc eynəyi tər bağlayırdı... Teatr idarəsinin il ərzindəki borclarından, mühasibata göndərdiyi bir yığın bisavad pul sənədindən əsəbi-əsəbi danışa-danışa hər iki cümlədən bir «bu haqq-hesabla özünümaliyyələşdirmə olar?» – deyib nazirin sümüyünə işləyən cır səsiylə qıyya çəkirdi...
Plançının çığırtısı professorun sevimli üzünü, gözləriqarışıq sovurub ha yanasa apardı və nazir yenə «qoyunların» içində tək-tənha, qələmi atın quyruğunu qaralda-qaralda qaldı…
Fikirləşdi ki, hələ dünən bu heyvərəni yanına çağırtdırıb dönə-dönə tapşırmışdı ki, çıxışı hay-küysüz olsun. Xeyri nəydi?.. Qoyun ki, qoyun…
…Atın quyruğu hazır idi, rənglənib qara mina kimi parıldayırdı... Sonra qələmi elə özü – özünə, atın yanındaca qadın başı çəkməyə başladı. Emal-ehmal qadının başını, boynunu, sonra döşlərini çəkdi. Qadının döşləri qəşəng alındı, nazirin içini qıdıqladı. Fikirləşdi ki, görən niyə şəkildən alınan həzzin təsiri bu qədər ani və ötəridi?.. Gözucu zalda oturanlara baxdı… Hamı, plançının intonasiyasıyla yığılıb açılan ağızlarla kürsüyə zillənib, elə bil hipnoza düşmüşdülər...
…Qadının üzü də hazır oldu, saçları da qaralanıb atın quyruğu kimi parıldadı. Sonra nazir nə fikirləşdisə, qadının saçını atın quyruğuna bağladı. İndi at yerindən tərpənsə, qadını yerə yıxıb arxasınca sürüyəcəkdi…
Fikirləşdi ki, əslinə qalsa, elə nazir olmaq – düyməni basıb telefonla danışmaqdan ibarətdi. Əsas məsələ də elə burdadı. Telefonla kimlə, necə danışmaq, yeni məlumatları, yaxud sətiraltı eyhamları havadaca tutub yaddaşının mıvafiq rəfində yerləşdirmək, kimlə danışmağından asılı olaraq, səsinin ahəngini, tembrini nizamlamaq, deyilməsi vacib sözü məqamında deyə bilmək, süni gülüş bacarığına yiyələnmək və sair və ilaxir…
…Ürəyi zəif-zəif çırpındı… Dünənki plov deyəsən doğrudan atasına od vurmuşdu… Sonra əsəbi-əsəbi fikirləşdi ki, o incəbel xanım da, onun əri – sol böyründə dizini əsdirə-əsdirə oturub bir yığın kağızların arasından «Qadın ensiklopediyasını» oxuyan bu dılğır müavini də yaxşı bilirdilər ki, yağlı düyünün və ballı paxlavanın onun xəstə bədəninə nə qədər zərəri var. Bilirdilər, bilə-bilə də qəsdən onları bişirib yedirdirdilər ona. Hələ əlacları olsaydı, üstündən beş-altı stəkan şirin çay da içirdərdilər ki, elə ordaca, gözlərinin qabağındaca gəbərsin.
Sonra dünənki qonaqlıqda süfrəyə düzülənləri bir-bir yadına salıb dəqiq anladı ki, o süfrənin yeganə məqsədi elə buydu.
…Eynəkli müavin asqırdı... və nazirin, bayaqdan səylə rəngləyib artıq başa çatdırmaq üzrə olduğu şəkli havaya uçurtdu… hərlədib harasa qabaq cərgələrin arasına - döşəməyə saldı…
…Nazirin az qaldı ürəyi dayana. Əvvəl nifrətlə solunda oturub, qorxudan meyid rəngi alan eynəkli müavinə, sonra kağızın qonduğu cərgələrdə oturanların üzlərinə baxdı.
…Nazirin hirsli baxışının təsirindən idi, ya kürsüdə hələ də boğazını cıra-cıra kəkələyən plançının danışığının təsirindən idi, nə idisə, havada quş kimi süzüb cərgələrin arasına enən kağız parçası elə bil heç kimin gözünə görünmədi...
…Olsun ki, görmədilər… – nazir fikirləşib sinədolusu nəfəs aldı, sonra eynəkli müavininə sarı çevrilib üzünə bir də, bu dəfə daha qatı nifrətlə baxdı. O biri köksünü ötürüb incə səslə:
– Üzr istəyirəm… – dedi. – bilmədim...
Nazir cibindən çıxardığı burun yaylığını alnının tərinə ehmalca toxundura-toxundura fikirləşdi ki, bu heyvərənin dərsini verməyin vaxtı çatıb deyəsən… Hürküdüb yenə dəli vəziyyətinə salmağın, gecələrlə səhərəcən yerinin içində çabalada-çabalada, yuxuda çığırda-çığırda ulatmağının vaxtı çatıb. Bu asqıraq hər halda elə-belə, adi burun gicişməsi – filan da deyildi olsun ki… – nazir üz-gözünü iki əli ilə ova-ova fikirləşdi – olsun ki, bu eynəkli əclaf elə kağızı havaya uçurub camaata ötürməkçün asqırdı...
– Zökəm olmuşam… dünənnən üşüdürəm… – eynəkli müavin udquna – udquna astadan mızıldadı, sonra nazirin ətini tökə-tökə süni-süni öskürdü.
Sonra hardansa yadına, sırağagünkü gecənin yuxusu, əlini üstündə aramla gəzdirdiyi yiyəsi naməlum şümal dəri düşdü... O nə dəri idi elə, ilahi?!. O nə sürüşkənlik idi elə?!. Əli dərinin üstü ilə sürüşdükcə az qalırdı bədəniylə bir əriyə… O biri gecə bunu yuxuda da görmüşdü. Görmüşdü əlini hamar dərinin üstüylə sürüşdürdükcə necə əli yumşalır… barmaqları əriyib bir-birinə qarışır, balıq üzgəci kimi çəhrayı yelpincə bənzəməyə başlayır... Orasını başa düşə bilmirdi ki, əlinin sürüşdüyü ayaq idi, ya qol… Kimin qoluydu, kimin ayağıydı, məlum deyildi. Əli sürüşdükcə az qalırdı həzzdən ürəyi xarab ola… Sonra bir də baxıb görürdü, tumarladığı sən demə, dərisi sürüşkən suitidi... Onda əti necə ürpənmişdi, yuxudan dik atılmışdı...
– ...Qoymarıq!..
Bunu lap qabaq cərgədə oturan hüquq məsləhətçisi – daz başlı, uşaq üzlü qocaman hüquqşünas dedi. Ayağa qalxıb dodaqları həyəcandan göyərə – göyərə, xırda gözləri yaşara-yaşara dedi. Hüquqşünasın balaca yumruqları, həmişəki qaydasında düyünlənib böyürlərinə qısılmışdı, cılız bədəni də həmin komsomol məsuliyyətilə tarıma çəkilmişdi...
Nazir fikirləşdi ki, komsomolda uzun müddət işləməyin axırı budu bax. Yaşı səksəni ötüb, ağlı isə elə uşaq ağlıdı.
– Qoymarıq belə ekstremist əhvallı qüvvələr bizim ailə birliyimizə mane olsun! Bəli, biz ailəyik!.. Ailənin də başçısı var!.. Özü də necə başçısı… - bu yerdə elə bil «qoca komsomolçunun» ürəyi getdi, ya ona elə gəldi?!..
Ətin tökülsün, qoca… – nazir fikirləşdi – necə ki, tökülüb elə…
Fikirləşdi ki, rəhm belə axmaq şeydi, bax… Neçənci ildi təqaüd vaxtı ötüb keçdiyinə baxmayaraq, bu qoca qurumsağın uşaq üzünə, it gözü kimi sadiq gözlərinə baxıb: «Di yaxşı, – deyirdi - bu ili də başa vur, sonrasına baxarıq». Hər il də bu «sonra» bir qayda olaraq, «sonralara» çevrilirdi, sonra bu «sonraların» da bir «sonrası» tapılırdı... Sonra da axır özü başa düşdü ki, bu «sonra»ların sonu olmuyacaq. Daha doğrusu olması heç məsləhət də deyil. Başa düşdü ki, bu qoca meymunun, bu balaca meymunun bu dəqiqə burda, gözləri beləcə yaşara-yaşara oturmağı, onu təqaüdə yola salıb yerinə götürəcəyi cavan, sağlam və zalım hüquqşünasla çənə döyməkdən yüz qat yaxşıdı.
Odu ki… – nazir fikirləşib yorğun - yorğun əsnədi… – illər ötəcəkdi, bu qocaman komsomolçu bir az da qocalacaqdı, beli əyiləcəkdi, beyni yumşalıb horraya çönəcəkdi… onun isə yenə də bu «horra» barədə qəti qərar verəməyə ürəyi gəlməyəcəkdi…
…Həyəcanla danışmaqdan balaca başı, qırışlı üzünün əzələləri titrəyən hüquqşünası seyr etdikcə, bir anlıq bu balaca adamın əriyib horra halında nazirliyin dəhlizləri boyu axmağını gözünün qabağına gətirdi... Qoca əridikcə qulaqları, burnu yumşalıb horra halında bulana-bulana dəhlizlərin al qırmızı xəlçələrinə yayılırdı… Sonra qoca hüquqşünasın gözlərinin… qara, sönük muncuqların, dəhlizlərdən ötüb keçənlərin ayaqları altında qalıb üzüm gilələri kimi partlamağı gözünün qabağına gəldi... Fikirləşdi ki, heç kimin ağlına da gəlməyəcəkdi ki, ayağının altında qalan, sən demə üzüm yox, bu qoca hüquqşünasın – bir vaxtlar «şanlı» komsomolun ön sıralarında gedən qabaqcıl komsomolçünün gözləridi…
…Hüquqşünasın nitqinin təqribi həcmini dəqiq bildiyindən, əlini atıb stolun üstündəki kağız qalağından təzə vərəq götürdü, qarşısına qoyub təmiz vərəqdə iri bir çevrə çəkdi.
– Buna hələ baxırıq!.. – hüquqşünas başı əsə-əsə zalda oturanlardan kiminsə üstünə çımxırdı, sonra balaca, solğun yumruğunu havada elə silkələdi elə bil kiminsə başını əzəcəkdi…
…Üzünü zaldan zillənən çoxmənalı baxışlardan gizləməkdən ötrü, yenə iki əli ilə üz-gözünü ovuşdurdu və hiss elədi ki, üzünün də, buxağının da dərisi keyiyib…
Zalın arxa hissəsi, o hissəsi ki, ömür-billah iclaslarda qarğa-quzğun kimi qarıldaşıb bir-birinə danışmağa aman vermirdi, indi nə əcəbsə dinməz-söyləməz oturmuşdular, ikrah dolu gözlərlə ona baxırdılar...
Görünür sözləri qurtarıb yəqin... – nazir fikirləşib əsnədi. – Hər şeyin axır ki, bir qurtaran vaxtı olur... Görünür danışıb-danışıb yorulublar axır ki. Bəs nə, yorulmalıydılar da. İnsan bədənində – bir qədər ət və sümükdən ibarət balaca bir orqanizmə nə boyda hikkə-ədavət yerləşə bilərdi axı?!.
...Yorğun-yorğun əsnədi. Bunu, yəni bu özlərindən bərgüman adamcıqların günlərin bir günü yorulacaqlarını nazir əslində lap çoxdannan, o düdük rəis hələ qudurub özündən çıxmamışdan çox-çox əvvəl bilirdi. Bir də axı onsuz da hər şeyin axırı elə ora gedirdi... Yorulmağa... tükənməyə... yoxluğa… səssizliyə… Hər şey elə onsuz da, elə özü-özünə tükənirdi, yeyilirdi, nazilirdi, üzülürdü… Nazir bunu evdə, yazı masasının üstünə qalanan kitabların hansındasa da oxumuşdu, öz çoxillik məmur təcrübəsində də görmüşdü… Bircə o nazilmirdi, üzülmürdü... – fikirləşdi – əksinə, get-gedə elə bil daha da yoğunlayırdı... Ya bəlkə hardansa, necəsə üzülürdü, bunu hiss eləmirdi?!..
…Bu yerdə hiss elədi necə göz qapaqları ağırlaşır, necə başı dumanlanır, oynaqları şirin-şirin sızıldayır…
…Yuxusu gəlirdi… Fikirləşirdi ki, kaş indi bu dəqiqə evdə olaydı, doyunca yeyib otağına çəkiləydi, yorğan-döşəyinə girib yumşaq balışını qucaqlayaydı və yatdıqca yataydı... Yatıb bu gecəki yuxusunun ardını görəydi... O yuxusunun ki, orda o, nazir deyildi... qarnı üfürlənmiş, qalstuku xirtdəyinə dirənmiş şişkin buxaqlı, mənasız, məzmunsuz məmur cildindən deyəsən canı birdəfəlik qurtarmışdı… hündürboylu, enlikürək, alagöz bir oğlan idi... Narıncı önlükdə, əlində kərpic ev tikirdi... kərpicləri səliqəylə palçıqlayıb bir-birinin üstə, böyür-böyürə yığırdı... yığıb qurtarıb evin qırmızı kirəmidli damını qoyurdu… Kərpiclər o qədər yüngül, hər şey o qədər asan idi, elə tikdikcə tikməyi gəlirdi... Sonra beş-on addım geriyə çəkilib tikib-düzəltdiyi evə kənardan baxırdı və az qalırdı fərəhindən qanad açıb uça... sonra baxıb görürdü tikib qurtardığı sən demə ev deyil, divarları bal dolu kəhraba rəngli nəhəng arı pətəyidi… sonra hardansa bir dəstə arı vızıltıyla uçub gəlirdi, pətəyin içinə doluşub orda bir xeyli vızıldaşırdılar…. onra pətəyin ballı qapıları taybatay açılırdı və arılar bir müddət həmin o qapılardan vızıldaşa-vızıldaşa ona baxırdılar... arılar ona baxdıqca niyəsə vahimələnirdi, əl – qol atıb arıları qorxutmaq istəyirdi ki, uçub getsinlər… sonra var gücünü
toplayıb səsi gəldikcə çığırırdı, guya bununla arıları hürkütmək istəyirdi… çığırdıqca da başa düşürdü ki, vızıldayır... qanad çalıb havaya qalxır, rəngbərəng gül-çiçəyin üstü ilə arılarla yan-yana uçur, güllərə qonub uzun, qəhvəyi neştəriylə şirə çəkir… Yuxuda şirənin ləzzətindən doymaq olmurdu… sümürdükcə sümürürdü… nə güllərin şirəsi bitib qurtarırdı, nə damağı bu daddan doyurdu…
…Hamısı andır şəkərin zibilidi.. – nazir fikirləşdi – yuxuda da bədəni şəkər istəyir. Sonra da fikirləşdi ki, görən arılarda şəkər xəstəliyi olur?!. Onu isə pis günlərə salan odu ki, odu. Dünən də, gecənin bir aləmi yuxudan oyananda elə bil ilıq suyun içindən qaynar tavaya düşmüşdü… Oynayıb bir müddət ürəyi bulana-bulana, gündə-gündə gördüyü otağa, pəncərədən asılmış güllü pərdələrə, çarpayısının yanındakı stulun başına keçirdiyi göy pencəyinə, pencəyin yaxasında balaca, qırmızı ulduz kimi işıldayan deputat nişanına baxmışdı, ondan ürəyi bir az pis bulanmışdı… bu nişanı almaqdan ötrü düşüb çıxdığı enişli – yoxuşlu labirintləri, ölüm havalı, üzüntülü-iztrablı günləri yadına düşmüşdü… yorğanı başına çəkib, gözünü yummuşdu ki, bəlkə bayaqkı çiçək qoxulu sehrli yuxusunun ardını görə, yenə arıya dönə, amma nə qədər eləmişdisə də, gözünə yuxu getməmişdi. Küçənin səsi qoymamışdı, ya uzandığı yerdə gözünə sataşan o qırmızı nişan əsəblərini korlamışdı?!.
…Bu yerdə əli çənəsində, vüqarlı görünüşüylə oturduğu yerdə bədəninə gələn soyuq tərdən əsən kimi oldu... Nə oldusa, qəfildən bu gecə yuxusunun ardını görməyə qoymayanın nə olduğunu xatırladı…
Sən bir fikir ver… necə olmuşdu ki, bu gecəki o dəhşət… dəhşət filmlərin nəfəskəsən kadrlarını andıran o vahiməli səhnə bayaqdan bura yadına düşməmişdi?!.. Bayaqdan bura heç nə olmayıbmış kimi, özündənrazı ədalarla aramla nitq deməyində idi?!..
Sonra qəfildən ağlına gələn növbəti fikirdən toxtayan kimi oldu… fikirləşdi ki, bəlkə sonrakı gördükləri də yuxu olub, həmin o şirin yuxusunun bir o qədər də xoşa gəlməyən ardı olub?!..
…Qabaq cərgələrdə kimiinsə əlindən ağır çantaya, ya qovluğabənzər ne isə şarappıltıyla yerə düşdü… və nazir fikirləşdi ki, bu gecəki yuxuda arı olub ayılandan sonra gördükləri dəqiq yuxu deyildi... Belə fikirləşdikcə, yenə altdan-altdan bədəninə yeriyən soyuq təri hiss elədi... və dünənki gecənin vahiməsindən sonra hələ də özünə gəlməyən ürəyinin bu hala düşməyində, ağzının quruluğunun da həmin o məşum gecədən başlamasında heç bir plovun, paxlavanın günahı olmadığını yalnız indi başa düşdü.
...Bu gecə həmin o ballı yuxudan birdən-birə qapqaranlıq zülmət çökmüş yataq otağına düşəndə bir müddət gecənin sakitliyinə, arvadının yuxulu nəfəsinə qulaq asmışdı... sonra…
…Bu yerdə nazirin ürəyi az qaldı dayana... Yadına, dünənki gecənin qaranlığında döşəmənin o biri üzdən, qapı döyülən kimidöyülməsi… sonra taxtalarının, gözü görə-görə, üstündə kimsə gəzirmiş kimi cırıldaya-cırıldaya yırğalanması düşdü...
…Bayaqdan bəri səliqə ilə çəkdiyi dairənin içini ehtiyatla qaralaya-qaralaya fikrini bir yerə toplamağa çalışdı və bu gecə gördüyü o ətürpədən səhnənin yuxu olduğunu bir də dəqiqləşdirməyə çalışdısa da, yenə başa düşdü ki, gördükləri yuxu deyildi...
…Döşəmə taxtalarının cırıltısı bir an çəkmişdi... sonra bədəni muncuq-muncuq tər bağlaya-bağlaya bütün gecəni gözünü döşəməyə dikmişdisə də, vahimədən nəfəsini saxlaya-saxlaya, altında qaldığından keyiyib yatan qolu üyüşə - üyüşə, alt mərtəbədə yaşayan qonşuların üzlərini bir - bir yadına salmışdı... və yadına, alt mərtəbələrdə yaşayan mənzillərin sakinləri – ilk növbədə, əsasən səhərlər pilləkəndə rast gəldiyi dombagöz, əsəbi diş texniki, onun kök, bədheybət arvadı, iki əkiz oğlu, eynəkli qızı, bir də yanaşı mənzillərdə yaşayan, üzlərini dəqiq xatırlamadığı bir xeyli adam düşmüşdü… Sonra nazir ha çalışmışdısa da ki, alt mərtəbələrdən yadına düşən bu sakinlərdən hansının məhz onun mənzilinin altındakı mənzildə yaşadığını dəqiqləşdirə, dəqiqləşdirə bilməmişdi… Bircə şeyi dəqiq müəyyənləşdirə bilmişdi ki, xatırladığı bu adamların heç biri, tavanı onun döşəməsinə açılan mənzilin sakini deyil... Sonra yadına, alt mərtəbədəki evin qapısının axırıncı dəfə açılıb-örtülən vaxtını salmaq istəmişdisə də, başının tükləri qabara-qabara başa düşmüşdü ki, o qapının açılıb-örtüldüyünü o ümumiyyətlə deyəsən heç görməyib...
Bu nə demək idi?!. – naziri oturduğu yerdə yenə tər basdı... Yaylığını çıxarıb gicgahı boyu sızan tərini qurulaya-qurulaya fikirləşdi ki, bu tərləməyin axırı pis olacaq. Bunu ötən həftə can həkimi də dönə-dönə, qorxunc xəbərdarlıq kimi demişdi ona. Gözünü ağarda-ağarda, tərlə bir, bir sıra lazımlı mineralların da bədəndən xaric olduğunu, nəticədə ümumi zəifliyin yarandığını və bunun nəticəsində bədənin müqavimət qabiliyyətinin azaldığını demişdi…
…Əlini xirtdəyinə atıb, bayaqdan bəri hulqumuna dirənib onu boğan qalstukunun düyünü boşaltdı və hardansa yadına, arvadının bir-iki həftə bundan əvvəl, bir vaxtlar onların altındakı mənzildə yaşayan uzun, arıq kişi barədə dedikləri düşdü...
Arvadı o kişidən niyəsə üzü işıqlana-işıqlana danışırdı, təəssüflə içini çəkib: «Kişi quş kimi uçub getdi…» – deyirdi. «Qəribəsi budu ki, – arvadı deyirdi – kişinin xəstələnməyini, yatağa düşməyini görən də olmadı... Elə bil, rəhmətlik, nözənbillah, qeybə çəkildi…»
Bu yerdə nazir sol ayağının, əsəbi-əsəbi əsməyə başladığını hiss elədi və fikirləşdi ki, necə olub ki, bu günəcən arvadının danışdıqlarını qulaqardına vurub?!.. Arvadının «çərənləməyini» eşitməməkdən ötrü evin içində qulaqlarına biruşa keçirib gəzib, əlinə biruşa keçməyəndə, radio-televizorun səsini artırıb...
Heyvərəliyin dərəcəsinə bax… – nazir hövsələsi darala - darala fikirləşdi və özünü, bayaqdan səliqə ilə qaraladığı kağızı xışmalayıb kənara tolazlamaqdan güclə saxladı. Əllərini çənəsinə dirəyib zala baxa-baxa, son həftələri və günləri arvadının dediyi sözləri bircə-bircə yadına salmağa çalışdı… və yadına, keçən həftənin axırında…
Hə, hə... – nazir gözlərini qıyıb, dənizin bulanıq dibinə çökməkdə olan çəkisiz çöpün ucundan tutan kimi, deyəsən nəyinsə ucundan tutmuşdui...
Hə, keçən həftənin axırı... olsun ki, şənbə günü idi… arvadı mətbəxdə kətilin üstə oturub yumurta çala-çala gecəki yuxusundan danışırdı… Arvadı yuxuda həmin o alt mərtəbədən «qeybə çəkilən» kişini gördüyündən danışırdı…
…Bu yerdə nə oldusa, nazirin fikri qırıldı... Arvadının yumurta çala-çala ağzının içində dediyi sözlərin arasına, beyninin hansı dəlmə-deşiyindənsə, kimlərinsə nə vaxtsa dediyi bir yığın söz, qarmaqarışıq səslər axıb doldu və arvadının dediklərinin ardını eşidilməz elədi… Yoxsa zalda çaxqaşma yarandı… Fikirdən ayrılıb zala baxdı. Neyləmişdisə, qoca hüquqşünas sözünü deyəsən yarımçıq kəsib ona baxırdı…
– Davam edin… – nazir mümkün qədər mülayim səslə dedi və yenə bir addım geriyə – içinə çəkilib ötən həftənin sonuna – həmin o şənbə gününün səhər çağına, mətbəxtdə yumurta çalan arvadının yanına qayıtdı...
«Hə… üzündə çapıq, əlində çəlik …» – arvadı deyirdi – «gəlib çarpayımın ayaq tərəfində dayandı, qəribə, sehrli səslə: «…Yat, qızım. – dedi – mənim ki, sənnən işim yoxdu…»
…Bu yerdə nazirin içi uçundu… Elə bil azca üşütdü də. Adətən qızdırmamışdan qabaq bədəni eynilə belə uçunurdu, üşüyürdü…
Bu nə demək idi?.. – nazir fikirləşdi - Əgər o üzüçapıqlının arvadıyla işi yox idisə, onda o kişi arvadının yuxusuna kimdən ötrü gəlirdi?!.. Sonra birdən nə oldusa, ağlına gələn bu naqafil fikirdən nazirin az qaldı oturduğu yerdə ürəyi gedə… özünü ələ alıb sayıq nəzərlərlə zala baxdı… Camaat bayaqkı yekdil təmkinlə kürsüdən danışana qulaq asırdı.
…Yaylığını çıxarıb üzünə yayılan tərini quruladı… və yenə dünənki gecənin zülmət qaranlığına yataq otağının, ya yuxusunun ha tərəfindənsə daxil olub çarpayısının ayaq tərəfində dayana-dayana onun yuxu içində yumşalan bədəninə, yarımaçıq qalan ağzına, dağınıq saçlarına baxa – baxa, gecənin özü kimi qaranlıq və sirli tədbirlər tökən üzüçapıqlı qarabəniz adam gözünün qabağına gəldi... Sonra nazirin beyninə daha pis şeylər gəldi… və nazir hiss elədi ki, əgər bu dəqiqə işarə edib iclası yarımçıq kəsməsə, vəziyyəti ağırlaşacaq...
…Hüquqşünasın sözünü bitirib səhnənin alçaq pillələri ilə zala düşürdü…
…Arvadının bu əcaib yuxusu bircə şeyi deyirdi ki, o sirli gecə qonağı arvadının yuxusuna elə-belə gəlmir. Nazir yuxular haqqında çoxlu bədii və sənədli ədəbiyyat oxumuşdu və yuxunun real qüvvəsi və təsir imkanları haqqında da az - maz bilirdi. Bilirdi ki, Yuxu Ərazisi deyilən ilahi ərazi ilə zarafat eləmək olmaz. …Sonra ha tərəfdənsə, zalın hansı pəncərəsindənsə qəribə soyuq hava axdı içəri və nazir fikirləşdi ki, olsun ki, bütün bu qarabasmalar şəkərin zibilidi… Hamısını eləyən odu…. döşəmənin taxtalarını da cırıldadıb gözü qabağında tərpədən odu... Odu ki… – nazir daha sonra nə fikirləşdisə, özü də bilmədi… və uzun-uzadı əsnədi... Dəqiqədə bir hardansa burnuna dolub onu keyləşdirə-keyləşdirə rahatlayan bu əsnəyin özü də, elə – belə yuxusuzluq əsnəyi deyildi… Bunu da nazir dəqiq bilirdi. Bu, ürək-qan damarının oksigen çatışmazlığı əsnəyi idi.
Odu ki… – nazir bir də nəyisə yuvarlaqlaşdırıb yekunlaşdırmaq məqsədi ilə fikirləşməyə cəhd elədi… və yenə fikrini toplaya bilmədi… öskürüb boğazını arıtladı və hiss elədi ki, bayaqdan bəri danışmadığı halda səsi batıb...
…Zalın ağ qırçınlı pərdəli pəncərəsindən göyün bir parçası görünürdü. Hava qaralırdı... Nazir hövsələsi darala-darala fikirləşdi ki, gecəyə az qalıb. Sonra birdən nə fikirləşdisə, özünə yazığı gəldi. Gündüzün eybəcərliklərindən cana yığıla-yığıla səbrsizliklə gözlədiyi guya rahat gecələri də indi qapısı, pəencərəsi olmayan təhlükəli quyuya oxşayırdı... Nazir kağızda bu dəfə beşguşəli ulduz çəkə-çəkə hiss elədi ki, gözləri yaşarır… Sonra arvadının, mirvari kimi bir-birinin ardınca düzdüyü qorxulu cümlələri gəldi qulağına və yenə vahimədən içi əsdi…
…Üzüçapıqlı, əliçəlikli naməlum… gecənin zülmət qaranlığı… ağır ölüm sükutu çökmüş donuq şübh… səssiz yataq otağı… çarpayısının ayaq tərəfində dayanıb duran sirli qaraltı… Qəribədi… - nazir bu yerə çatanda fikirləşdi – görən, niyə çarpayının məhz ayaq tərəfi?!.
Sonra nazirin ağlına elə bir şey gəldi ki, az qaldı ayağa sıçraya, özünü güclə saxladı... Yadına, bayram günləri ziyarətinə getdiyi mərhumlarının qəbirlərinin ayaq tərəfində dayanmağı düşdü... Burda nə isə, görünür onun bilmədiyi, haqqında olsun ki, heç təsəvvürü belə olmadığı hansısa sirli qanunauyğunluqlar var idi...
Sonra nazir duman kimi aramla canına yeriyən bu qara fikirləri dağıtmaqdan ötrü, qarşısındakı sənədləri gözdən keçirməyi qərara aldı və qələmi stolun üstünə qoyub, bayaqdan bəri su şüşələrinin böyründə ağaran sənədləri qabağına çəkdi və fikirləşdi ki, olsun ki, o məşum gecə qonağı hələ lap qabaqlardan arvadıyla nə haqdasa danışıb… Sövdələşiblər… - fikirləşdi… Hə, hə… Allaha şükür arvadının xasiyyətinə bələd idi… Arvadı əcinnələrlə də danışmağa söz tapardı...
Arvadı yüz faiz o üzüçapıqlıyla nə haqdasa xısın-xısın danışmışdı... Nə haqdasa yox, elə onun haqqında danışmışdılar… Axı arvadının bircə mövzusu vardısa da, o da o idi… Arvadından nə desən çıxardı... – nazir ağzı quruya-quruya fikirləşdi. O kişiylə əlbir olub yuxuda ikən onun qulağına civə də tökərdi. Bir dəfə elə belə də demişdi ona. Bir dəfə nə olmuşdusa, arvadı hikkədən üzü əyilə-əyilə: – …Nə civə tökərdim qulağına?!.. – demişdi.
Hə… – nazir su şüşəsini qabağına çəkib ağzını açdı – …olsun ki, arvadı hər gecə o qorxunc gecə qonağıyla çox mətləbləri alt-üst eləyirdi, çox şeylərdən danışırdılar... Onu xəstə, süst bədəninə, qanı qaçmış nazik dodaqlarına baxa-baxa Allah bilə nələr deyirdilər, nə götür-qoy eləyirdilər, gizli-gizli nə hazırlayırdılar… Bəlkə arvadı – bu toyuqağıllı «fatmanisə» hər şeyi olduğu kimi açıb ona danışmışdı?!. Bütün olub keçənləri?!..
Suyu qurtaqurtla başına çəkdikcə, soyuq suyun sinəsinin əvəzinə, niyəsə başına axıb dolduğunu, bu qəribə soyuqluğun, beyninə toparladığı fikrlərini yuyub ha yanasa dağıtdığını hiss elədi… Stəkanı yerinə qoyub bayaqkı fikirlərini, sürüşkən kürü dənəciklərini bir yerə toplayan tək toplayıb fikirləşdi ki, axı nə deyə bilərdi arvadı onun haqqında?!. Məsələn, tutalım deyə bilərdi ki, simicdi… Bu arvadının sevimli sözü idi. Tutalım ki, lap simicdi, nolsun?!. Simiclik nədi, günahdı bəyəm? Kimsənin malına göz dikməkdənsə, öz malının qədrini bilməyin nəyi pisdi ki!.. Hə, sonra nə deyəcəkdi?!. Deyə bilərdi ki, arvadbazdı… arvad görəndə özünü itirir…
Bu yerə çatanda arvadının, gözlərini bərəldə-bərəldə birnəfəsə deyəcəyi sözlər gəldi qulağına… Arvadı qəribəydi ki, qadınlar haqqında kişi kimi danışırdı… qadın məsələsindən əməlli - başlı başı çıxırdı. Onlara onun gözüylə baxırdı, nədi?..
Sonra arvadının onun barədə daha nə deyə biləcəyini fikirləşdi... Olsun ki, arvadı onun tənbəlliyindən, yalançılığından, «arvad kimi hər şeydən qorxub ehtiyatlanmağından» da deyəcəkdi... Sonra nazir, kürsüdən enib yerinə keçən maliyyəçinin ardınca baxa-baxa, birdən-birə fikirləşdi ki, bəlkə heç arvadı ümumiyyətlə heç nə demirdi, elə kişi danışırdı?..
...İçini çəkib ufuldadı, yorğun gözlərlə zalı seyr elədi və yenə uzaq, qaranlıq küncdən ona zillənən neştərli baxışları hiss elədi... Teatr idarəsinin müdiri elə bil bayaqdan bəri gözünü ondan çəkməmişdi.
«Nolar, çıxın axırıma, görək axırınız nolacaq…» – fikirləşdi, sonra oturduğu yerdə gizlicə gərnəşdi.
– O biri taya da söz verək?!..
Bunu, tüklü bığları ilə sağ böyründən qulağını dalayan bığlı müavini dedi.
Çiyinlərini çəkib etinasız halda başını yana əydi. Yəni ki, «özün bil».
– Qoy onda əvvəl özüm bir-iki söz deyim… – müavin deyib qarnı stolu yırğalaya-yırğalaya ayağa qalxdı… Stolun üstündəki şüşələr ləngər vurub cingildədilər. Zalda pıçıltı gəzdi.
Evin tikilsin, qarın yiyəsi… – ürəyində fikirləşib içində güldü, sonra öz qarnına baxdı. Arvadı burada olsaydı, «ekizin tayı durdu…» – deyib əttökən hırıltıyla güləcəkdi. Sonra yoğun borynu andıran kök, qısa qıçlarını becid-becid tərpədə-tərpədə kürsüyə sarı yeriyən müavininin ardınca baxıb fikirləşdi ki, yüz faiz arvadı hər gecə yuxuda üzüçapıqlıyla əlbir olub ona qarşı nə isə hazırlayır… qərəzli tədbirlər tökür, nə isə düşünüb daşınırlar. Odu ki, axır vaxtlar özünü pis hiss eləməyə başlayıb. Durduğu yerdə gözü qaralır, başı hərlənir, ürəyi zəifləyib oturduğu yerdə az qala dayanır…
…Fikirləşirdi ki, indi neyləsin, necə eləsin ki, gecələrin birində, üzüçapıqlı çarpayılarının ayaq tərəfində peyda olanda, zirək tərpənib, oğurlanıb, özünü arvadının yuxusuna salsın?!. Bunu necə eləmək olardı görən?!. Bax, əgər bunu eləyə bilsəydi, yəni oğurlanıb arvadının yuxusuna girə bilsəydi, orda bir küncdə gizlənib, nəfəsini içinə qısıb arvadıyla üzüçapıqlının söhbətinə qulaq asardı…
…Bu yerdə nazirin nəfəsi daraldı, sol tərəfində oturan eynəkli müavinə sarı əyilib:
– İstidi… – dedi.
Müavini oturduğu yerdən zala, kiməsə qaş-göz elədi və çox keçmədi ki, nəhəng iclas salonunun pəncərələrindən bir neçəsi taybatay açıldı…
Nazir, nəfəsini kəsən istidən, ya havasızlıqdan ürəyinin sıxılıb qansız yumruğa döndüyünü hiss elədi… qalstukunu boşaldıb köynəyinin axırıncı düyməsini açdı və fikirləşdi ki, hərçənd qoca professor dostu: «bir ölümə çarə yoxdu» deyə-deyə bütün açılmayan qıfılları açmaqda ona kömək eləmişdi, görən bu məsələdə necə ağlına bir şey batacaqmı?.. Fəlsəfə, məntiq və siyasət bilicisi olsa da, yuxu məsələsində olsun ki, professor əllərini yuxarı qaldırıb: «Bu, mənlik deyil...» – deyəcəkdi?.. Düzdü, nazir hələ ki, professorun, əllərini beləcə köməksiz vəziyyətdə yuxarı qaldırıb nədəsə təslim olduğunu görməmişdi, amma burasını dəqiq bilirdi ki, professorun Yer üzündə qorxduğu, ömrü boyu, özü demişkən: «heç cür açılmayan sirrini» dərk etmək istədiyi və dərk edə bilmədiyi bir şey vardısa, o da yuxu məsələsiydi. Bu yerdə nazirin gözünün qabağına, yuxularını danışarkən, professorun üzünə çıxan qəribə nagümanlıq ifadəsi gəldi...
Professor özü də ona küllü miqdarda dolama-dolaşıq yuxularından danışmışdı. Qoca alimin ən çox qorxduğu, nazirin də bədəninə üşütmə salanı, onun günaşırı hansısa əcaib varlığa çevrildiyi yuxularıydı... O yuxularda, dediyinə görə, professor səkkiz ədəd müxtəlif ölçülü, tüklü ayaqlarıyla hər yeri cıza-cıza, nəfəsi kəsilə-kəsilə, ürəyi partlayıb ağzına gələ-gələ baş götürüb elə hey ha yanasa qaçan qorxunc qırxayağa çevrilirdi… və heç cür bu nadinc, tüklü ayaqlarını dayandırıb sakitləşdirə bilmirdi… Professorun dediyinə görə, əvvəl-axır bu yuxuların birində, həmin o iblisanə qaçdı-qovduda ürəyi partlayacaqı, yaxud elə yuxuda qaça-qaça doğrudan həmin o qorxunc qırayağa çevriləcəkdi, həmin o tüklü ayaqları ilə də yuxudan birbaş bura – evinə dönəcəkdi… Bir də yadına gəlir, professor deyirdi: «səkkizayaqlı olmaq – dünyada ən murdar və vahiməli varolmalardan biridi. Sən demə… - professor deyirdi, – ayaqların sayı artdıqca, onları idarə eləmək bir o qədər çətinləşir... ələlxüsus da, onların hərəsi bir ölçüdə olanda...
Hə… - nazir fikirləşdi, - orası vardı ki, professoru bilmədiyi məsələlərdən danışmağa məcbur eləmək mümkün olmayacaqdı. O, belə şeyləri sevmirdi, əsəbiləşib özündən çıxırdı…
…Hardasa yaxında milçək vızıldayırdı… Özü də deyəsən iri milçək idi, arada bir nazirin qulağının yanından balaca təyyarə kimi uğuldayıb ötürdü… Milçəyin uğultusuyla bir, arvadının daim birnəfəsə dediyi hansısa sözləri də, xırda məişət cihazının uğultusuyla uğuldadı qulağında… Sonra o sözləri bircə-bircə, dən-dən eşitdi: «…belə uzun, arıq kişidi… sol yanağında da xətt kimi çapığı var, əlində də çəliyi… Zəhmindən adamın bağrı yarılır…»
Sonra hardansa nazirin yadına, bəzi gecələrlə aşağı mərtəbədən eşidilən xəfif hönkürtü səsləri düşdü… Fikirləşdi ki, olsun ki, hər gecə bütün bina yuxulu sükuta qərq olanda, aşağı mərtəbədə kimsə ağlayırdı... Adətən o, bu səslərə bir o qədər əhəmiyyət vermirdi. Hərdən də ürəyində bu dünyada şəkərlə əlaqəsi olan hər şeyi söyə-söyə fikirləşirdi ki, olsun ki, qulağına səs gəlir. Yalnız axır vaxtlar, yuxusu ərşə çəkilən səssiz gecələrin bəziləri, başını yastıqdan ayırıb yarıqaranlıq sakitliyə dağılan bu sirli hönkürtülərə qulaq asmalı olurdu...
…Zalın aşağı başında qapı cırıldadı, elə bil zala kimsə girdi, ya çıxdı… və nazir yenə fikirləşdi ki, hamısı zəhrimar şəkərin zibilidi. O gün qəzetdə də şəkər xəstəliyi haqqında öz gözləriylə oxumuşdu ki, şəkər xəstəliyi – insanın qanıyla bir sinir və beyin toxumalarını da yeyib dağıdır. Hə, sinirləri yeyilmişdi… – nazir qanı qarala-qarala, yenə oturduğu yerdə tərləyə-tərləyə fikirləşdi. Sonra kürsüdə, hülqumu tərpənə-tərpənə danışan müavinə baxıb fikirləşdi ki, bu boyda məşəqqətin içində sinir qalar?!. Bir azdan o murdar şəkəri beynini də beləcə yeyəcəkdi… sümüyün iliyini soran tək sümürüb qurudacaqdı… Fikirləşdi ki, bəs sonra nolacaqdı?!..
Sonra qalar buynuzun… – heç nə fikirləşmədən ürəyində dedi və əlini ətli çənəsinin altına salıb zala baxdı... Sonra nə oldusa, birdən-birə nazirin gözləri qaraldı... Yoxsa zalın işığı azaldı?!.. İşıq zəiflədi, nədi?!.
– …budurmu dediyiniz o demokratiya?..- hülqumlu müavini, səsinə oxşamayan qəribə bir civiltiylə civildədi…
Yaxşı ki, heç olmasa bu çığırmır… – nazir ürəyi sıxıla-sıxıla fikirləşib saatına baxdı… Yeməyinin vaxtı keçirdi, ya bayaqkı axmaq fikirlərinin təsirindən idi, nə idisə, birdən-birə oturduğu yerdə zəiflədi, taqətdən düşdü... Sonra qəfildən elə bil zalın işığını keçirdilər... Ya bəlkə öldü?!. Yoxsa ölməmişdi, elə oturduğu yerdəcə ürəyi getmişdi?!.
Sonra həmin o zil qaranlığın ala toranında, zalın arxa cərgələrindən kiminsə ona zillənən zəif, qorxaq baxışları dəydi gözünə... Bir müddət gözünü qıyıb diqqətlə qaranlığa baxdı. Hardasa arxa cərgələrdə oturan qarabuğdayı, cüssəsiz bir adam idi, özünü divara qısıb dinməz-söyləməz ona baxırdı... Sonra nazir zalı diqqətlə gözdən keçirdi və dəhşət içində anladı ki, bu əqaranlıq, havasız zalda onunla, bu arxa cərgədə oturandan savayı, sən demə, heç kəs yoxdu...
Titrədib ayağa qalxaraq arxaya sarı:
– E – ey, kimsən orda?… –deyə qışqırdı...
…Arxada kimsə civiltiylə güldü…
…Səhnədən zala enib dizləri, əlləri əsə-əsə pərdənin altında olmalı olan işıq düymələrini axtardı və zalın işıqlarını yandırdı...
…Bomboş zalın ən arxa cərgəsində balaca, yoluq sərçəyə bənzər qarı oturmuşdu… içi qorxu və sevinc dolu girdə, quş gözlərini ona zilləmişdi… arada bir içini çəkib altdan-altdan dəli kimi öz-özünə gülürdü...
Nazir bir müddət beləcə, zalın ortasında durduğu yerdə dayanıb qaldı… qarının həddən ziyadə tanış üzünə baxa-baxa fikrini bir yerə toplamağa çalışdı və birdən xatırladı… Hə… odu… özüdü ki, var… anasıdı… necə olmuşdu ki, bayaqdan bəri onu tanımamışdı?..
...Bayaqdan bəri oturmaqdan şişib köpüşən ayaqlarını ardınca zorla çəkə - çəkə qarıya yaxınlaşdı, heç nə demədən, boğazına dolan qəhərini udub dizi üstə düşdü… başını qoca anasının dizləri üstə qoyub:
– Ana… – dedisə də, qarının xırda gözlərinin içindəki dəlisov sevinc sovuşub getmədi, üzünün anlaqsız ifadəsi dəyişmədi...
– Məni tanımadın?..
...Qarı onun bu sualına da həmin o dəlisov sevinclə astaca güldü...
bu dəfə nədənsə qarının gülüşündən bədəni vicələndi və elə o dəqiqə də xatırladı ki, axı anası hündürboy, alagöz, kök qadın idi... bu çəlimsiz, dəli qarını niyə anası bilmişdi?..
Ayağa qalxmaq istədisə də, qalxa bilmədi, əllərini qarının dəmir kimi soyuq, iti caynaqlarından qoparıb çıxara bilmədi. Kimsə lap yaxından:
– Bağlayaq bu mərəkəni, bezdik tay… - dedi…
Mürgüdən ayılıb:
– Hə… – dedi və bayaqdaen bəri ağır çənəsinin altında qalmaqdan keyiyən əlini ovuşdura – ovuşdura həyəcandan, hamamdan çıxan kimi pörtmüş müavinə:
– Noldu? – dedi.
– Uduzdular… – şairi – müavini bu biri böyründən dedi və bığaltı bic-bic güldü…
***
...Qonaq otağının tən ortasında elə bil gün çıxmışdı… Arvadı stolun üstünə əyilib başıaşağı nə iləsə məşğul idi...
...Stola yaxınlaşıb baxdı… Sırğalar, bilərziklər, boyunbağılar qızıl dükanında olduğu kimi üst-üstə qalanmışdı… arvadı bir gözündə birtaylı binokla bənzər zərgər gözlüyü, üzükləri bir – bir qoyub götürür, daşları elə nəzərdən keçirirdi, elə bil hansınısa satmağa hazırlaşırdı...
– Bu nədi belə?..
Arvadı dinmədi. Özünü eşitməzliyə vurdu. Olsun ki, yenə nədənsə hirslənib küsmüşdü.
– Sənnənəm…
Arvadı gözlüyü çıxarıb üzünü turşutdu:
– Bəlkə bunda da şübhəli nə isə var?!.
Arvadı bunu deyib, elə bil öz dediyindən xoşhallandı, əllərini belinə vurub oturduğu stolun kürəkliyinə yayxandı.
O biri otaqdan qızların civiltisi eşidildi, sonra çox keçmədi kiçik qızı o biri otaqdan çıxıb, başında qazan hərbi addımlarla qarşısından keçə-keçə:
- Böyük Niderland xalqına eşq olsun!.. – deyib otağına girdi və o biri otaqdan qızların gülüşü eşidildi… Uşaqlar qəşş eləyib nəfəsləri kəsilə-kəsilə bir xeyli nəyəsə güldülər. Elə bil bayaqdan onu gözləyirdilər ki, gəlib çıxsın, onun qorxaq vücuduna, gülməli bədəninə baxıb gülüşsünlər.
Otağına keçib qapını bağladı ki, qızların bu xoşagəlməz civiltisindən gizlənsin. Trümonun qarşısına keçib güzgüsündə özünə baxdı. Gözləri qan çəkmişdi… Elə bil ağlamışdı. Rəngi də fərli deyildi. Yenə o xoşagəlməz sarılıq çökmüşdü burnunun ucuna...
Şalvarını soyunub səliqəylə stolun başına asa-asa fikirləşdi ki, olsun ki, beyni qurumağa başlayır. Bütün şəkərli xəstələrin aqibəti budu.
Pijamasını geymək istəyirdi ki, otağın qapısına elə bil təpik vurdular... Qapı zərblə açılıb nazirin çiynini əzdi. Arvadı qapının ağzındaydı, işım-işım işıldayırdı... Bayaq stolun üstündəkilər indi arvadının boyun-boğazında, qollarında idi...
Arvadı üst-başındakı bu «qızıl» dəbilqələrlə otağa girib özünü yellədə-yellədə otağın yuxarı başına getdi, orda fırlanıb geri qayıtdı, gəlib onunla üzbəüz dayanaraq:
– Necədi?.. – dedi.
Çiynini ova-ova:
– Bura bax, nə vermisən mənə, ala bilmirsən?.. – dedi. – Onsuz da ölürəm öz günümə…
Arvadı qaqqıldayıb susdu:
– Səndə ölən üz yoxdu. Otuz ildi, eşidirəm ki, ölürsən. – arvadı dedi, sonra çevik hərəkətlə əl atıb onun burnunu, açarı buran kimi burdu.
Burnunun göynərtisindən gözləri yaşardı. Arvadının qolundan yapışıb itələyə-itələyə onu dəhlizə çıxartdı, qapını arxasınca örtüb açarladı. Arvadı üzünü qapının o şüşəsinə dirəyib hardansa lap yaxından:
– Nədi, yenə aşiq olmusan?!. Yoxsa tay halın yoxdu aşiq olmağa hə?..
Arvadı bunu deyib vəhşi səslə güldü, sonra şüşənin arxasından yox oldu.
...Pijamasını geyinib özünü isti vannaya salan kimi, çarpayısına saldı. Çarpayının yanındakı mizin siyirtməsini çəkib, yuxu dərmanının şüşəsindən iki həbi ovcuna atdı, «yatmaq, yatmaq və yatmaq…» - deyə-deyə, yırğalana-yırğalana sağ böyrü üstə çöndü. Bir də fikirləşdi ki, sağ böyrü üstə yatmaq çox xeyirliydi. Belədə bədəninin ürək tərəfi, yəni o tərəfdə ki, gecə-gündüz qan dövran eləyir, o hissəsi yuxarıda, çəkisiz vəziyyətdə qalır, qan dövranı da normallaşır, ürəyi də sərbəst işləyə bilir. İndi o, beləcə – öz bədənindən arxayın halda tezliklə yuxuya gedəcəkdi. Bayaq işdən çıxar-çıxmaz iş otağında şam əvəzinə tələm-tələsik yediyi bəhməzli qatıq da indi aramla öz işini görəcəkdi. Gün ərzində mədə-bağırsağına yığılan zir-zibili, zəhəri təmizləyib zərərsizləşdirəcəkdi, qara ciyərinin, öd kisəsinin işini yüngülləşdirəcəkdi. Öd kisəsi balaca, saz apparat kimi yığılıb açıla-açıla ödü lazımı qədərində buraxacaqdı...
Otağın nəfəsliyi də həmişəki kimi açıq idi və indi ordan içəri axan təmiz hava axını otağın havasını hissə-hissə təmizləyəcəkdi...
...Nazir bu fikirlərlə rahat mürgü içində yuxuya getmək üzrə idi ki, qəfildən hardansa yadına, bayaqkı iclasda onunla üzbəüz oturub arada bir çəpgöz dovşan kimi ona göz vuran kadrlar şöbəsinin müdirinin sarımtıl üzü düşdü və yuxusu qaçdı... Qoca müdirin üzü, onun anadan olandan bura, yaşa dolub ağırlaşa-ağırlaşa görüb tanıdığı yüzlərlə sifətlərdən nə iləsə fərqli idi… Amma nə ilə?!.. Müdirin üzündən sonra nazir, idarənin dəhlizlərində gündən-günə çoxalıb artan bir neçə naməlum üzü də xatırladı... Bu xatırlamalardan ürəyi pis-pis bulandı və nazir fikirləşdi ki, ümumiyyətlə son vaxtlar nazirlikdə çoxlu təzə adam əmələ gəlib və bu adamların da elə bil hamısı kadrlar şöbəsinin sarımtıl müdirinə oxşamağa başlayıb...
…Otağın qapısı cırıldadı… Nazir başını çevirmədən, gözünün yanıyla qapıya sarı baxdı... Gələn arvadıydı... onu oyatmamaqdan ötrü otağa səssiz addımlarla girib qaranlığa xışıltı sala-sala soyundu… sonra özünü ehmalca yorğanın altına salıb sakitcə uzandı və çox keçmədi ki, arvadının ağır, elə bil bir qədər də qəzəbli nəfəsi eşidilməyə başladı... Geriyə çönməsə də, hiss elədi ki, arvadı beləcə ağır-ağır nəfəs ala-ala, həm də necəsə arxadan ona baxır... Hə, arvadı onun peysərinə baxırdı... Hiss elədi, necə peysərinə arxadan isti havaya oxşar nə isə axdı və nazir fikirləşdi ki, bu da bir cür telepatiyadı. Son vaxtlar nazir, məmnun üzlərlə onunla üzbəüz oturub xoş sözlər deyə-deyə üzünə gülümsəyən adamlardan da beləcə soyuq-isti dalğalarabənzər nə isə də alırdı.
Bu da bir cür vergidi… - nazir fikirləşib bir də yuxuya getməyə çalışdısa da, bayaqdan peysərində dolaşan isti havanın burulub indi də boynunda, ordan da kürəyində gəzdiyini hiss etdi… Sonra nə oldusa, arvadının quş caynağına bənzər əli arxadan çiyninə qondu, axsaq əqrəb yerişiylə asta-asta boynuna sarı yeriyib ordan peysərinə dırmaşdı... bir müddət elə bil peysərində nə isə axtardı... Sonra arvadının uzun dırnaqları boynu boyu üzüaşağı sürüşdü…
...Nazir qımıldanmadı, nəfəsini içinə çəkib özünü yuxuluğa vurdu. Peysəri, sonra da boynu arvadının iti dırnaqlarından gicişib qaşındısa da, ürəyi bu gicişmədən əzilib göynədisə də, əl atıb başını, boynunu qaşımağa ürək eləmədi. Bilirdi ki, cüzi hərəkəti, onun ayıq olduğunu bildirəcəkdi, oyaq olduğundan xəbər tutan arvadı yenə Allah bilir neyləyəcəkdi, nə deyəcəkdi, nə danışacaqdı, ondan nə soruşacaqdı…
…Arvadının dırnağı indi də kürəyindəydi, kürəyinin ara-sıra tüklərini qurdalayıb elə bil orda nə isə axtarırdı... Sonra arvadının əli, hansı möcüzəyləsə elə bil onun ürəyindəkiləri oxuyub kürəyini qaşıdı... Bildi kürəyi qaşınır, nədi?!. Sonra əqrəb - əl axır ki, çəkilib getdi... Daha doğrusu elə bil kimsə çəkib apardı onu.
…Ürəyi əsib-əsib, xarab mühərrik kimi nizamsız döyüntülərlə çırpındı... Yuxusu tamam qaçdı… gözlərinin içi acışdı… yuxu proqramı pozuldu… Di buyur… - nazir yerindən tərpənmədən, əsəbi – əsəbi fikiləşdi - indi Allah bilə yuxusu nə vaxt gələcəkdi, sinirləri pozulan xəstə bədəni nə vaxt rahatlanacaqdı?!. Sonra da fikirləşdi ki, indi yuxusu gəlməsə, neyləyəcək?!. Kitab oxusun bəlkə?!. Ya bəlkə o biri otağa keçib köhnə filmlərdən birinə baxsın?!.
...Arvadı deyəsən hələ də yatmamışdı... Hələ də elə bil gözünü ağarda-ağarda arxadan ona baxırdı... İndi peysəri də, kürəyi də arvadının bu tit baxışlarından iynələnirdi. Arvadı xırda bəbəklərindən balaca oxlar atırdı peysərinə, nədi?...
…Qəfildjən hövsələsi daraldı... kürəyi üstə çönüb arvadının üzünə baxdı ki, nə desə, cavabını versin… və ürəyi qırıldı...
…Arvadı yatmışdı... ağzı yarımaçıq halda asta-asta nəfəs alırdı...
Bu nə demək idi?.. – nazir bədəninə soyuq tər gələ-gələ fikirləşdi və yenə bayaqkı böyrü üstə çöndü. Başına hava gəlirdi, nədi?!. Sonra fikirləşdi ki, hamısı yorğunluqdandı. Gün ərzində o sifətləri ki, o görür, o söhbətləri ki, o eşidir, hələ odu ki, ölməyib.
...Gözlərini yumub yüzdən birəcən saymağa başladı. Bunu həkimi öyrətmişdi ona… altmış birə çatar-çatmaz yenə ürəyi qırıldı, bədəni soyuyub buza döndü…
…Arvadının «axsaq əqrəbi» yenə peysərinə qonmuşdu, asta-asta yenə elə bil orda nə isə axtarırdı.
Bu itin qızı gecənin bu vaxtı nə axtarır axı orda? – nazir nəfəsi darala-darala fikirləşdi və bu fikirdən oldu, yoxsa nədən oldu, qəfildən elə bil yüzlərlə bit daraşdı canına… bütün bədəni gicişdi… Əlini cəld başına atıb arvadının əlini tutdu, çönüb üzünə baxdı…
….Arvadının gözləri yumulu, ağzı yarımaçıq idi, aramla nəfəs alırdı...
Əstəğfürullah! Nazir hövsələsi darala-darala ayağa qalxmaq, canını bu ürəküzən «oyun»dan qurtarmaq istəyirdi ki, qəfildən otağın ha tərəfindəsə gələn səsə ayaq saxladı…
…Döşəməni taqqıldatdılar… Yenə aşağıdan taqqıldatdılar. Elə bil kimsə döşəməni o üzdən, qapını döyən kimi döyürdü ki, açıb içəri girsin.
…Böyrü üstə uzandığı vəziyyətdəcə donub qaldı. Bircə onu hiss elədi ki, yenə həmişəki soyuq təri gəlir bədəninə… sinəsi, kürəyi buz kimi soyuq, xırda tər damlalarıyla dolur...
…Küçədə də elə bil hərəkət dayanmışdı. Elə bil küçələrini burdan – aşağıdan adamlı-maşınlı, itli-pişikli harasa köçürüb aparmışdılar. Bircə onlar qalmışdı… qaranlıq, havasız mənzilləri ilə bir, yerlə göyün arasında, havadan asılı vəziyyətdə qalmışdılar…
…Döşəməni yenə taqqıldatdılar... Bu dəfə əvvəlkindən bir az bərk.
…Nazir bədəninə yeriyən vahimədən əsə-əsə dirsəklənib otağın aşağı başına – çarpayısının ayaq tərəfinə, döşəməyə sarı boylandı və gördüyünün dəhşətindən az qaldı bağıra… Bağırdı da… Amma səsi çıxmadı.
…Çarpayısının ayaq tərəfində döşəmənin taxtaları göz görə-görə tərpənirdi... Elə bil kimsə altdan – o biri üzdən onları bir – bir laxladırdı...
…Nazir bir də bağırdı və yenə səsi çıxmadı… sonra canına yeriyən vahimədən dil-dodağı quruya-quruya fikir verib gördü ki, otaqda nə baş veribsə, ümumiyyətlə heç nəyin səsi çıxmır… Nə divar saatının, nə arvadının xorultusunun... Hər şey suyun altındakı kimi səssiz, çəkisizdi… eşidilən bircə döşəmənin taxtalarının səsiydi…
Nazir bir müddət beləcə səssiz halda bağırıb-bağırıb heydən düşdü, sonra üzünü balışına basıb eləcə səssiz-səssiz də ağladı... sonra çönüb eləcə ağlaya-ağlaya arvadına baxdı… Arvadı isə deyəsən doğurdan yatmışdı... özü də deyəsən, yuxunun lap dərininə getmişdi... Bunu nazir arvadının, nəfəs aldıqca gərgin-gərgin titrəyən enli dodaqlarının, burun pərəklərinin vəziyyətindən başa düşdü… və fikirləşdi ki, heç nəyin səsi eşidilmədiyi halda, bəs döşəmənin səsi niyə eşidilsin?!.
…Sonra birdən başa düşdü… Axır ki, başa düşdü. Allaha min şükür ki, başa düşdü və bir az toxtayan kimi oldu.
Demək olar ki, hərlənib-dolanıb gəlib arvadının yuxusuna düşə bilmişdi. Axır ki… Bu fikirdən oldu, ya ürəkdən ağladığından oldu, nə oldusa, ürəyinin ağrısı da elə bil sovuşub getdi. Sağ əlini qaldırıb sol əliylə tutdu… Sağ əli quş tükü yüngüllüyündə idi… Sonra ayaqlarını cütləyib qaldırdı… Ayaqları elə bil kağızdan idi, iki çəkisiz, uzunsov şar kimi havadan asılıb qaldılar…
…Əlbəttə… – nazir bu yerdə ürəyi yüngülləşə-yüngülləşə fikirləşdi – …axı bu, yuxudu… özü də gör bir kimin yuxusu…
Çönüb yenə arvadına baxdı. Arvadı indi nəyə görəsə qıpqırmızı qızarmışıdı. İstidən pörtmüşdü, nədi?!. Arvadına baxa – baxa fikirləşdi ki, İndi arvadının gördüyü həmin bu yuxuda o, çarpayı, şkaf, ya balış kimi bir şey idi… Bu fikirdən bir az toxtadısa da, ürəyinin titrətməsi keçmədi.
…Döşəmə yenə tıqqıldayıb, bu dəfə ağır-ağır cırıldadı, taxtalarından biri sıçrayıb kənara düşdü... Nazir kənara düşən taxta parçasına baxa-baxa fikirləşdi ki, daha bu döşəmə otaqqarışıq sökülsə belə, ona dəxliyyəti yoxdu. İndi istəyir o üzüçapıqlı beşini də böyrünə salıb zühur eləsin burda…
…Üzüçapıqlı nazirin gözlədiyi kimi, döşəmənin içindən çıxmadı, yataq otağının qapısını sakitcə açıb ədəb-ərkanla içəri girdi, bir ayağını çəkə-çəkə gəlib arvadının dediyi kimi, çarpayılarının ayaq tərəfində dayandı, çəliyinə söykənib bir müddət elə bil nəyisə gözlədi...
…Nazir gördüklərinin arvadının yuxusu olduğunu bilsə də, üzüçapıqlının əyri, donqar burnundan vahimələndi, gözlərini yumub ürəyi döyünə-döyünə uzandığı vəziyyətdəcə qaldı… Bir müddət beləcə, bədəni vahimədən uçuna-uçuna gözüyumulu uzandıqdan sonra, ürəyi qorxudan az qala partlaya-partlaya gözünün yanıyla gizli qonağa sarı baxdı…
…Üzüçapıqlı çəliyinə söykənib arvadına baxırdı, elə bil onun oyanmağını gözləyirdi... onu isə, elə bil görmürdü. Görsə də, ola bilsin ki, onun burda uzanıb-uzanmadığının fərqinə varmırdı… – nazir fikirləşdi. Bir də, ona o lazım olsaydı, arvadının yox, elə onun yuxusuna girərdi... - nazir fikirləşdi və elə bil bir qədər toxtadı. Sonra nə oldusa, üzüçapıqlı çəliyini, taxtaları hələ də cırıldayan döşəməyə çırpıb yandırıcı pıçıltıyla döşəmənin o üzündə olan kimlərəsə:
– Di susun orda... – dedi.
…Döşəmənin o üzü uzuçapıqlının bu əmrindən sonra sakitləşdi.
…Ürəyi yenə zəif-zəif döyünməyə başladı... Kim idi görən o üzdəkilər?!. Adamyeyən idilər, qulyabanıydılar, əcinnəydilər, nəydilər, ilahi?!. Özü də, yuxu da olsa, niyə axı məhz burda – onun mənzilinin altında?!..
Alnından süzülən tər damlalarından biri nazirin ağzının içinə düşdü və nazir tərinin tamını hiss elədi… Təri göz yaşı kimi şor və isti idi... Ya bəlkə ağzına sızan bu ilıq, şor su elə göz yaşıydı?.. Bəlkə ağlayırdı?.. Vahimədən, qorxudan ağlayırdı?!.. Ağladıqca, gözünün yanıyla üzüçapıqlı kişiyə baxdı ki, görsün o görür onun ağlamağını?!..
…Üzüçapıqlı bayaqkı kimi ona tərəf baxmırdı… Elə bil ona sarı baxmağı ümumiyyətlə ona yasaq eləmişdilər. Arvadı deyəsən üzüçapıqlının səsinə oyanmışdı, elə uzanan yerdə əllərini sinəsində cütləyib, quzu mələrtisini andıran titrək səsiylə üzüçapıqlının suallarına cavab verirdi.
– Mənim ki, günahım yoxdu… o dəfə demişdim… Günahım… - arvadı getdikcə lap astadan danışırdı, arada bir boğazını qəhər tuturdu – bir budu ki, haram tikə yemişəm… boynuma alıram… tövbə eləmişəm, sonra tamah güc gəlib, yenə yemişəm...
Arvadı bunu deyib yalan-doğru, hönkür-hönkür ağladı.
…Nazir hiss elədi ki, sinəsinin ortasına elə bil ucu iti nə isə batırdılar... Sinəsinin sümüyü göynəyə-göynəyə sızıldadı. Bir istədi çönüb o biri böyrü üstə uzana, ürək eləmədi, sinəsi eləcə deşilə-deşilə uzandığı yerdəcə qaldı.
– Günahım böyükdü, boynuma alıram... – arvadı deyib yenə ağladı.
Sonra nə oldusa, arvadı yatağından necəsə sürüşüb dizi üstə düşdü, diz-dizi yeriyib üzüçapıqlının qabağında dayandı… üzüçapıqlı çəliyinə söykənib ağzının içində arvadına nə dedisə, nazir dəqiq eşitmədi.
– …peşmanam… – arvadı ağlaya-ağlaya üzüçapıqlının əsasını öpürdü… – tövbə eləyirəm, tövbə eləyirəm, tövbə eləyirəm... – arvadı deyib başını niyəsə yerə qoydu.
Üzüçapıqlı onu çəliyi ilə itələyib:
– İtil... – dedi – səninçün gəlməmişəm…
Arvadı bu sözdən bir qədər elə bil toxdadı üzünü əlləri ilə bağlayıb, bir müddət də belə ağladı… sonra olsun ki, ona işarə eləyə-eləyə, hıçqıra-hıçqıra:
– Günah ondadı… – dedi – hamısını eləyən o oldu... məni də o məcbur elədi...
…Nazir hiss elədi ki, bədənində qan dövranı dayandı… Nəyə məcbur eləyib axı onu, arvadı nəyi deyir?..
– Qoy deyim hər şey necə oldu… – arvadı daha ağlamırdı – …əvvəl hər şey yaxşı idi… uşaqlarımız oldu... bütün adamlar kimi… sonra bədbəxtin oğlu vəzifə azarına düşdü... Nə dəhşətli azarıymış bu, ilahi?!. Nə cür xəstəlik imiş?!. Mən də yaddan çıxdım, uşaqları da, evi – eşiyi də… Allah da çıxdı yadından… cavan bacısı öldü əriylə… qəzaya düşdülər… uşaqları… – arvadı burda elə ağladı, elə bil ətini kəsdilər...
...Nazir əsəbilikdən boğula-boğula fikirləşdi ki, ömrü boyu quşbeyin hesab etdiyi bu miskin arvadın canınıda gör bir nələr varmış?!. Bu nə artistlik idi eləyirdi indi bu yad adamın yanında?!. Guya indi onun bacısının yetimlərinə ürəyi yanırdı?.. İndi durub deyəsən ki, «ay itin qızı, o uşaqların evini ələ keçirməyin yollarını bircə günün içində, heç uşaqların ata-anasının meyiti soyumamış, bitdə-bitdə öyrənib üstümə cuman kim idi?.. Sən döyüldün bəlkə?..»
– …biçarə yetimləri uzaq kəndə, qoca bibisinin yanına göndərdi, olan-qalan evlərini ələ keçirdi, yetimlərin malına yiyə çıxdı... mən də onun fitvasına getdim… günahım böyükdü, bilirəm... amma indi başa düşürəm... hər şeyi başa düşürəm... – arvadı bunu deyib hönkürtüylə elə yanıqlı-yanıqlı ağladı ki, bacısının qara gözlü cüt balası məsum sifətləri ilə gəlib durdu gözünün qabağında, ürəyi əzildi… az qaldı o da arvadına qoşulub beləcə uzanan yerdə hönkürə, özünü güclə saxladı... Sonra da fikirləşdi ki, qəribədi, görən niyə o vaxt bacısının o zavallı yetimlərinin qədər məsum olmağını görməmişdi?.. Ümumiyyətlə görən niyə o vaxtlar heç nəyə ağlamağı tutmurdu?!. Vəhşiydi, manqurt idi, nəydi?.. Qəribəydi ki o vaxt hər şey nədənsə ona adi görünürdü… O faciəli qəzanın özü də. Qəribəydi, çox qəribəydi…
- Elə bilirsiz o bu yaşa çatıb nə isə anlayıb?.. Hələ də heç nəyi başa düşmür, pis işlərindən əl çəkmir... – arvadı deyib qəfildən susdu. Olsun ki, yenə çönüb ona baxdı…
Arvadının səsi dəyişmişdi... hansısa müəlliminin səsini xatırladırdı... Arvadının bu yad səsindən nazirin bədəni soyudu… olsun ki, saçları da ağardı... və elə o dəqiqə də yadına düşdü bayaqkı iclasda gözünə görünən o vahiməli qarını hardan tanıyır... O qarını o yaxın günlərdə yuxuda görmüşdü… yuxuda da nəyə görəsə əvvəl elə bilmişdi ki, bu eybəcər, dəli qarı anasıdı, qabağına qaçıb qucaqlamışdı onu... sonra da qucaqladığının anası olmadığını başa düşüb diksinmişdi… geriə sıçrayıb yuxudaca əti çimçəşə-çimçəşə, dönə-dönə əl-üzünü yumuşdu…
...Arvadı danışdıqca, yenə kürəyi gicişirdi... Olsun ki, indi də kürəyinə üzüçapıqlının baxışları zillənmişdi...
– Sus daha… - üzüçapıqlı qəfildən yorğun-yorğun deyib içini çəkdi, sonra çəliyini ona sarı tuşladı… Çəliyin iti ucu uzanıb nazirin burnunun qabağında dayandı... Çəlikdən hansısa kimyəvi maddənin iyini andıran qəribə qoxu gəlirdi... nazirin heç vaxt hiss etmədiyi, heç bir qoxuya bənzəməyən əcaib bir qoxu… Müşk-ənbər qoxusuydu, nəydi?!. Nazir müşk-ənbər qoxusu haqqında nağıllarda və digər ədəbiyyatlarda oxumuşdu, amma həmin təsvirlər də bu qoxunun nəyə qadir olduğunu çatdıra bilmirdi...
…Çəlik bir müddət beləcə, burnunun qabağında havadan asılı vəziyyətdə əcaib qoxu saça-saça qaldı… sonra arxadan çapıqlı qonağın, pələng hənirtisini andıran səsi eşidildi:
– …Bu məzlumun ayrı günahları var…
…Nazir ürəyi əsə-əsə, fikirləri beynində bir-birinə ilişə-ilişə fikirləşdi ki, hansı günahlardan söhbət gedir!?. Bəlkə eks – nazirin ölümünə işarə edir?.. Axı bunu hamı bilir ki, ondan əvvəlki nazir – xəstəliklərin əldən saldığı arıq, donqar qoca adi iş günlərinin birində, günün günorta çağı öz kabinetində, oturduğu yerdəcə, ürək çatışmazlığından keçinmişdi… Düzdü, həmin o qalmaqallı dövrlər qoca nazirin ölümünü qəlbinin dərin guşələrində arzulayanlardan biri də o idi, amma nolsun ki?!. Axı onda az qala bütün nazirlik nazirin quyruğunda oturmuşdu?!.. Ya bəlkə üzüçapıqlı ötən ay ondan yazan o sümsük jurnalisti döydürtdürüb dama saldırmasıünı deyirdi?..
– Bunların heç biri deyil…
…Nazir üzüçapıqlının bu sözündən diksindisə də, gözlərini açmadı.
– …indi bir-bir sayım… – arvadı dedi və nazir gözünü açmasa da, hiss elədi necə arvadı, saçları çiynlərinə dağıla-dağıla, diz-dizi üzüçapıqlıya sarı sürünür…
Üzüçapıqlı arvadının sözünü ağzında qoydu:
– Lazım deyil… - dedi və bununla nazirin olan-qalan nəfəsini kəsdi…
– Gələn ayın ortalarında… güclü yağışlar vaxtı gələcəyəm… - üzüçapıqlı dedi, sonra deyəsən arvadına, bir az da astadan:
– Sən qorxma… daha sənnən işim yoxdu…
…Nazir hiss elədi, necə qanı qapqara qətrana dönüb ürəyinin içinə dolur… damarlarını şişirdir… necə ürəyi böyüyə – böyüyə yerini dəyişir… harasa geriyə çəkilib kürəyinə yapışır… Sonra hiss elədi, necə ürəyiylə bir sifəti də dəyişir… ağzının sağ tərəfi aşağı dartılır, sol gözü kiçilir…
«İflic olur nədi?!.» – nazir fikirləşdi, bir əliylə ağzını, o biriylə gözünü yoxlaya - yoxlaya qalxıb yerinin içində oturdu… getdikcə itən nəfəsini nizama sala-sala üz-gözünü övdu… ovduqca da gördü, necə üzüçapıqlı çəliyini yerə dirəyə-dirəyə təmkinlə yataq otağının qapısına sarı addımlayır... necə qapını açıb geriyə çönür… necə hələ də döşəmədə dizi üstə dayanan arvadına baxa-baxa:
– ...Gedirəm... – deyir – …oyandı ərin...
… sonra necə qapı yavaşca örtülür… bütün səslər kəsilir...
...Nazir özünü yuxudan, ya hardansa oyada-oyada, dumanın içindən çıxan kimi yan-yörəsinə baxdı...
...Arvadı əllərini sinəsində çarpazlayıb böyründəcə elə yatmışdı, elə bil bayaqdan burda, döşəmədə dizi üstə düşüb dil-dil ötən o deyildi... Eynəyini çarpayısının böyründəki mizin üstündən götürüb gözünə taxdı və çönüb arvadına bu dəfə eynəklə baxdı… Arvadının, ağlamaqdan şişib köpüşən burnunun pərəkləri, nəfəs aldıqca xırda-xırda titrəyirdi...
«Bu nə demək idi?!.» – nazir köksünü ötürüb fikirləşdi, sonra yerinə uzanıb bir müddət gözündə eynək qaranlıq tavana baxdı… Adətən, xüsusən yuxusu çəkilən gecələrlə zilləndiyi qaranlıq tavan qəribəydi ki, mülayim sakitlik, aydınlıq yaradırdı beynində… və həmin mülayimliyin, aydınlığın içi ilə də nazir hiss eləyirdi ki, beynində bircə dənə də olsun, ayıq nöqtə qalmayıb... indi beyni bir yığın başı – ayağı olmayan qarmpaqarışıq üzlərlə dolu idi… bu saysız – hesabsız üzlərin arasında indi nəyisə təsəvvürünə gətirmək, ya dəqiq xatırlamaq nazir üçün elə də asan baş tutan məsələ deyildi... Axşam necə yerinə girmişdi, işığı necə keçirmişdi, nə vaxt üzüçapıqlı gəlib başlarının üstünü almışdı, sonra nə olmuşdu?.. Yuxu hardan başlamışdı, harda qurtarmışdı... və ümumiyyətlə bütün bu gördükləri yuxu idimi?..
...Çönüb yenə arvadına baxdı. Bir istədi çiynindən tərpədib oyatsın onu… sonra da fikirləşdi ki, oyadıb nə deyəcək axı?!.
Yuxudan kal oyanan arvadının, hansısa məişət cihazının cüyültüsünü andıran cır səsi qulağına gəldi... Arvadı həmişəki ədasıyla qaşının birini yuxarı qaldırıb başını, özbək rəqqasəsi kimi yırğalaya-yırğalaya:
- Hər işimə burnunu soxduğun bəs deyil, indi də yuxuma soxursan özünü?!..» - deyəcəkdi.
Yox-yox, arvadına, onun yuxusuna girdiyini deyə bilməzdi… sonra nə oldusa, yenə yadəndan hər şey çıxdı… birdən-birə beynində hər şey alt-üst oldu... fikirləşdi ki, əgər bayaqdan bəri arvadının yuxusundaydısa, onda bəs niyə oyanmamışdı?!. İndi belə çıxır ki, hələ də yuxudaydı?!. Bu nə demək idi?!.. – nazir yenə başının tükləri qabara-qabara fikirləşdi və yenə fikirləşdi ki, hər halda yaxşısı budu ki, hər ehtimala qarşı arvadını yuxudan oyatsın... oyadıb desin ki, guyu özünü piss edir… əsəbləri korlanıb olsun ki, - desin… desin dəli olur, başına hava gəlir, gözünə əcayib – əcayib varlıqlar görünür, qorxudan az qalır ölə… sonra da yenə fikirləşdi ki, arvadı yuxudan oyanıb, ağlamaqdan şişib pörtüşən üzü ilə nifrətlə onu süzəcəkdi, kal səsiylə «kaş elə öləydin!..» - deyəcəkdi… Bir də nazir onu da fikirləşdi ki, arvadını yuxudan oyatmağın o biri üzü də vardı... arvadı yuxudan oyanıb, daha yatmayacaqdı… bunu nazir dəqiq bilirdi… Arvadı yuxudan oyansaydı, mütləq yuxusu qaçacaqdı, əvvəl bir xeyli yerinin içində əsəbi hərəkətlərlə o yz –bu üzə qurcalanacaqdı, sonra uzanmaqdan bezib çöməlib yerinin içində oturacaqdı, sonra da məlum məsələydi ki, yenə olub – keçənlər yadına düşəcəkdi və…
«…zatua lənət...» - nazir ürəyində dedi, tez də çönüb arvadının üzünə baxdı ki, görsün arvadı eşitmədi ki?!. Çönəndə dəhşətdən az qaldı bağrı yarıla... arvadı yatmamışdı... ala-qaranlığın içindən qara, düymə gözləriylə ona baxırdı...
– Yenə nədi, yatmırsan, xeyir ola?... – arvadının səsi kal və kobud idi… - İndi kimə aşiq olmusan?..
Ürəyi döyündü, pərtliyindən sinəsini qaşıdı, arvadına demək üçün hazırladığı mətn də yadından çıxdı…
– Heç... elə bil ağrıyan kimiyəm... – dedi.
Arvadının üzü, harasısa ağrıyırmış kimi büzüşdü:
– Sənin ağrımayan vaxtın var ki?… İndi harandı?..
Gözünü döyüb sarısını uddu.
– Hə, niyə dinmirsən, hələ fikirləşib tapmamısan?..
Cavab əvəzinə, gözlərini qırpa-qırpa tələm – tələsik ağrıya biləcək əzalarını götür-qoy elədi... nə isə deməliydi... ağrıyan yerini tapıb deməliydi... yoxsa, arvadı əl çəkmiyəcəkdi, «onu yatmağa qoymayan» dərdinin axtarışlarıyla axırına çıxacaqdı... odu ki, tələm – tələsik, nəfəsi darala-darala fikirləşdi ki, desin ürəyi… amma yox, onda arvadı yenə təcili yardımın həmin o malbaş həkimlərini evə töküb səhərəcən bədəninə soyuq, yaş pambıq tikələri yapışdırtdıra-yapışdırtdıra kordioqram çıxaratdıracaqdı… onda bəlkə başını desin?.. onda da yenə o zəhirmar analqin, pentalqin – qara ciyərinin qatı düşmənləri... qara ciyərini desin... onda da vay, vay, onda da dübaj… o çay sodası dadı verən qazı qaçmış, isti barjomu içməkdən ürəkbulandıran bir şey vardımı dünyada?!..
- Qarnın ağrayır deyəsən... - arvadı artıq ayaq üstəydi, qara ipəkdən gecə pijamasında otağın ortasında dayanıb cəllad kimi ona baxırdı…
Qarnı haqqında fikirləşməmişdi, odu ki, elə uzandığı yerdəcə mızıldaya – mızıldaya qaldı…
– Hə, düzünü de, qarnındı?.. - arvadı əlləri belində indi də gəlib başının üstündə dayanmışdı…– Niyə dinmirsən? Denən ağrıyır da...
Qarnı il bağlı elə bir təhlükəli əməliyyat yadına düşmədi və nazir dili dolaşa-dolaşa arvadının dediyini təkrarladı.
– ...Ağrıyır...
Arvadı bir müddət beləcə əli belində dayanıb deyəsən nə edəcəyini fikirləşdi… fikirləşdikcə, otağın qaranlığından idi, nə idisə, arvadının gözləri pişik gözü kimi yamyaşıl işıqla yanıb – söndü…
…Bir qədər sonra arvadı əlində iri imalə parçı otağa daxil olub sərt zabit ədasıyla:
- Sağ böyür üstə çön… - dedi.
***
...İmalədən sonra nazir özünü bir az da zəif hiss eləməyə başlamışdı... Elə bil arvadı imaləni, içalatıyla bir damarlarına, sümüklərinə də yeridib qanını da, iliyini də yuyub bədənindən çıxarmışdı. İndi gözünü pəncərəyə dikib dan yerinin ağarmağına baxdıqca nazir hiss eləyirdi, necə uzandığı yerdə başı hərlənir, dizləri boşalır, bədəni çarpayısıyla bir yüngülləşib döşəmədən bir boy yuxarı qalxır, onu beşik kimi xəfif-xəfif yırğalayır... sonra çarpayısı eləcə yırğalana – yırğalana pəncərəyə tərəf süpüşdü... və birdən nə oldusa, çarpayı pəncərənin şüşəsindən, suyun içindən keçən kimi sivrilib çölə çıxdı, bir müddət saysız-hesabsız qüllələrin, damların üstündə qala – qala eləcə havada yırğalandı… nazir yorğanı bədəninə bürüyüb üşüdə-üşüdə aşağı - şəhərə baxdı... hava soyumuşdu… elə bil havada şaxta vardı… aşağı baxmağa ürək eləmədi… aşağı baxsaydı, bilirdi, yer onu özünə çəkəcəkdi, yaxasından dartıb bıçaq kimi özünə sancacaqdı… odu ki, elə üşüdə-üşüdə uzandığı vəziyyətindəcə qaldı… Sonra hardansa kürəyinə bir damcı su düşdü... sonra o damcıdan biri də burnunun ucuna düşdü... başını qaldırıb yuxarı baxdı… qar yağırdı... heyrətdən gözü qaraldı... bu nə vaxtın qarıydı?!.. Burdan – nazirin çarpayısından baxanda, ala-qaranlıq, kimsəsiz şəhər bomboş, adamsız küçələri ilə vahiməli görünürdü… işıqsız, ölü binalarıyla nəhəng qəbirstanlığı xatırladırdı… vahimədən üşüdə-üşüdə fikirləşdi ki, görən indi neçə müddət beləcə alt tuman-köynəkdə göyün yeddinci qatında qalacaq?!.. Sonra baxıb gördü ki, çarpayısı hər yerdən çox, yenə öz pəncərələrinə yaxındı… bir anlıq beynindən keçdi ki, var gücünü, cəsarətini toplasa, burdan – çarpayıdan atılıb evin içinə düşə bilər... belə fikirləşəndə ürəyi lap zəiflədi… yorğanına bürünüb şəhərin, başdaşlarına oxşar evlərinə baxa-baxa ağladı... sonra yorğanı çiynindən atıb, çarpayının içində dizi üstə durdu, gözlərini yumub, dişlərini bir - birinə sıxıb bədəni titrəyə-titrəyə özünü içəri atdı...
...Arvadının, döşəməni şappıldada – şappıldada hardansa o biri otaqlardan qaçaraq özünü hövlənak içəri salmasından, bir də yerə dəyib əzilən ombasının ağrısından ayılıb gördü ki, döşəmədədi... Yuxuda yıxılmışdı, nədi?..
Arvadının bir əli yenə belində idi, onu ikrahla süzüb:
– Yuxarıdan zəng eləmişdilər…. – dedi - 11-də bürodu...
* * *
–…Əlbəttə... – I katib şəhadət barmağını əvvəl alnını ortasına, sonra ehtiyatla burnunun ucuna qoydu – əgər biz onu da nəzərə alsaq ki, əhalinin zeytuna olan təlabatı gün-gündən artır, onda… – burda katib fikrə getdi, qaşlarını düyünlədi. Belədə katibin qaşlarının ortasında az qala yumruq boyda düyün əmələ gəlirdi və katibi, boyu balaca olsa da, əzəmətli göstərirdi.
Katibin ağ pərdəli, geniş otağında əyləşən o biri katiblərin üzləri elə idi, elə bil bura özləri də bilmədən, tamamilə təsadüfən düşmüşdülər.
– Elə isə, onda deyin: axı niyə, nəyə görə bizim zeytun ağaclarının məhsulu küçələrdə itib batmalıdır, ayaqlar altında qalıb tələf olmalıdır? Məgər bu, milli sərvət deyilmi?.. Bunu birdəfəlik bilin ki… - bu yerdə katibin yenət gözü yaşardı… katib qəhərini udub sözünün ardını gətirə bilmədi…
Katibin bu qəribə halı, danışdıqca hər bir neçə cümlədən bir gözlərinin yaşarması bəyəqdan bəri otaqda anlaşılmaz xof yaradmışdı. Anlamaq olmurdu, katibin özünün – özünə yazığı gəlirdi, ya dediyi sözlərdən təsirlənirdi, ya bəlkə dəqiqədə bir axıtdığı bu göz yaşlarının gözəgörünməz düyməsi ovcunun içindəydi, yeri gəldikcə basıb gözlərini yaşardırdı?!..
– Tarix bunu bizə bağışlamayacaq! Bağışlamaq, mən deyərdim ki, mümkün də deyil!… – katib deyib şəhadət barmağını oturanların gözünün qabağında saat rəqqası kimi tərpətdi – Dünən gəncləri çağırmışdım bura… Gənc yaradıcı qüvvələri… Necə gənclərimiz varmış?!.. – katibin bu yerdə gözləri qürurdan, ya olsun ki, sevincdən elə parıldadı ki, otaqdakılar yerlərində qurcalanıb üst -başlarını sahmana saldılar. Moskvadan xüsusi təyinatla ölkənin rəhbər vəzifəsinə yenicə təyin edilmiş birinci katibin halına, xasiyyətinə hələ bələd olmayan təcrübəli, qoca məmurlar da onun dəqiqədə bir özü-özünə, hansısa təsadüfi sözdən, ya nədənsə təsirlənməsinin nə ilə bağlı olduğunu elə bil ayırd edə bilmirdilər. Odu ki, gözlərini, bu canı entuziazm və niskil dolu katibə zilləyib dinməzsöyləməz oturmuşdular.
Katib indi də deyəsən xəyala dalmışdı… pəncərənin qabağına keçib ordan deyəsən şəhərə baxırdı… sonra qəfildən geriyə çönüb bayaqkı dalğınlığına uyuşmayan ayıq bir tərzdə:
– Bilirsiz, gənclik… xüsusən yaradıcı gənclik… əlçatmaz bir qüvvədir axı ... – dedi, sonra nə fikirləşdisə, anlaşılmaz bir hökmlə – Onlar bizə lazımdır!.. - deyib qaşlarını düyünlədi, başını aşağı salıb elə bil yenə fikrə getdi və bir qədər susdu.
Bu yersiz sükut bir azdan sonra otaqdakıları əsəbləşdirməyə başladı. Çaşqın məmurlar yerlərində əsəbi-əsəbi qurcalandılarsa da, ara-sıra xəfif-xəfif öskürüşdülərsə də, I katibi fikirdən ayıra bilmədilər.
«…Yenə fikirlərinin əlaqəsini itirdi…» – nazir ürəyində xoflu-xoflu fikirləşdi – «…öz dilini bilməmək budu bax… rusca fikirləş, azərbaycanca danış... adamın başı xarab olar…»
…Katib fikrini axır ki, deyəsən toplaya bildi, başını çevik hərəkətlə geriyə atıb rahat-rahat gülümsündü və bilmək olmadı kiməsə, ya bəlkə özü - özünəi:
– …Olur… - dedi – əlbəttə… Həmin o gənclər bilirsiz nə dedilər mənə?.. O gənclər elə bir söz dedilər ki, məni… ağlamaq tutdu… – katibin bu yerdə yenə gözləri yaşardı…
«…Əsəb pozğunluğudu...»– nazir hövsələsi darala-darala fikirləşdi – «yoxsa bu qədər də təsirlənmək olar?!.»
– Dedilər, «Biz sizinləyik!.. Sizin arxanızdayıq!..» Mənsə onlara: zeytunu, dedim, qorumaq lazımdır… axı zeytun yağının, dedim, bilirsiz, insanlara... xalqa… Xalqa! – katib bunu qəfildən ucadan elə dedi, otaqdakılar yerlərindən dik atıldılar… sonra sağ əlini yuxarı qaldırıb şəhadət barmağını tərpədə – tərpədə elə bil kimisə hədələdi… – …böyük faydası var!.. – dedim… onlar məni anladılar...
…Dəyirmi iclas stolunun üzbəüz tayında oturan ideologiya üzrə katib nazirə göz vurdu, sonra başını aşağı salıb qarşısındakı balaca kağızparçasında ciddi görkəmlə nə isə qeyd etdi.
…Nazir bu çalsaç, eynəkli ideologiya katibinə baxıb fikirləşdi ki, ideologiya katibinin harasısa kenqurunu xatırladır. Çox keçmədi ki, ideologiya katibi yazıb qurtardığı kağız parçasını şümal iclas masasının üstü ilə o üzdən bü üzə sürüşdürə-sürüşdürə işgüzar tərzdə ona ötürdü.
Nazir kağızın qatını açıb kök əlləriylə cibindəki eynəyini çıxardı, gözünə keçirib oxudu: «Biz tərəfə belə xəbər çatıb ki, nazirliyə təzə cücələr götürmüsünüz. Olmazmı, bir-ikisindən bizim tərəflərə də ötürəsiniz?!.»
Nazir gülümsünüb aramla eynəyini çıxartdı, kağızı dörd qatlayıb döş cibinə basdı, «kenquruya» baxıb, başıyla «hə» dedi. Sonra da kenqurunun üzünə gülmsəyə-gülümsəyə ürəyində «doyan vaxtın olacaqmı sənin görən?!.» – fikirləşdi.
Sonra hardansa nazirin yadına, keçən həftə kadrlar şöbəsinə işə götürdüyü arvadının yaxın qohumu - gənc inspektor düşdü və nazir əsəbi-əsəbi yerində qurcalana – qurcalana fiuirləşdi ki, indi bu heyvərəyə nə deyəcəkdi?!. Adam kimi söz də qanmırdı, «bu ölsün», «özüm ölüm» də qanmırdı.
– …bütün bunlar dəhşətdi, yoldaşlar... Bunu, təəssüflər olsun ki, biz bilmirik hələ. Bil-mə-yə-cə-yik də! Bax siz, yoldaş Salamov, sizə belə bir göstəriş verilsəydi, nə edərdiz, hə?!.
…Salamov xalq təsərrüfatı üzrə katib idi, bayaqdan bəri birinci katibə qulaq asa-asa, eləcə oturan yerdə, gözü katibin gözündə, üzündəki saxta sayıqlıq ifadəsiylə yuxuya getmişdi. Fikirləşdi ki, bu sayaq gözüaçıq yatmaq qabiliyyətini Salamov dövlət aparatında işlədiyi uzun illərin təcrübəsindən qazanmışdı. Məhz bu unikal qabiliyyəti ona, neçə illərdən bəri idi, bütün birinci katiblərin rəğbətini qazandırmışdı. Bu sayaq uzun, yorucu iclaslara davam gətirə bilməyən o biri katiblər bir qədərdən sonra yorulurdular, əsnəyib yerlərində qurcalanırdılar. Salamov isə gözünü belə qırpmadan «yenilməz təmkinlə», «usanmaz maraqla», natiqə qulaq asmağına davam edirdi. Bəzən, yüxünün lap dərin yerinə düşəndə, gözləri açıq qalsa da, Salamovun çənəsi sallanıb ağzını yarımaçıq saxlayırdı. Belə görkəmdə o, dərsə qulaq asa – asa fikri ayrı yerdə qalan balbas məktəbliyə oxşayırdı...
...Salamov familyasını eşidib dik atıldı, ayağa qalxıb, bayaqdan bəri asılı qalmaqdan keyiyən çənəsini zorla hərəkətə gətirə-gətirə:
– … ilk növbədə sizinlə məsləhətləşirdim… – dedi.
– Bəs sonra… - birinci katib Salamovun bu cavabında elə bil cuşa gəldi.
Salamov birinci katibin bu sualına döyüküb:
– Necə sonra?… - deyəndə isə, onun elə bil ürəyi bulandı, üz-gözünü turşudub əliylə ona yerinə oturmağı işarə elədi və üzünü o birilərə tutub:
– Budur səviyyəmiz... baxın... heç bir komentariyə ehtiyac yoxdu… Mən deyəndə ki, respublikanın ümumi rifahını qaldırmaqdan ötrü ilk növbədə məmur eşalonunun səviyyəsini qaldırmaqdan başlamalıyıq, sözümə məhəl qoymurdular.
– Qaldırılası şey çoxdu…
Bunu hardansa arxa cərgələrdə oturan tele-radio komitəsinin sədri atdı, sonra başını aşağı salıb səssiz-səssiz güldü… Nazir də o birilərə qoşulub, sədrin yaltaqlıqdan qırmızı ləkələr bağlamış kök sifətinə baxa-baxa mədəniyyət xatirinə gülümsündü. Sədr gülüb-gülüb qəfildən ciddi görkəm aldı və heç iki dəqiqə keçmədi ki, nə haqdasa dərin fikirlərə qərq oldu.
Sonra nazir bir müddət bu gombul sədr haqqında fikirləşdi. Fikirləşdi ki, adı çıxsa da, bu heyvərədə zərrə qədər kişiliyə aidiyyatı olan bir şey yoxdu. Tüksüz, çəhrayı yanaqları, toppuş dodaqlaryıla sədr patoloji anormallıqla inkişaf edən balaca oğlan uşağına oxşayırdı... Amma deyilənə görə, kifirli-gözəlli, cavanlı-qocalı bircə zənən xeylağını belə gözündən yayındırmırdı.
«…Afərin koppuş!» - nazir fikirləşdi və pencəyinin cibindən dərman şüşəsini çıxarıb tıxacını qopartdı, şəkərə qarşı həblərdən ikisini ətli ovcuna salıb ağzına atdı.
–…necə də razılaşaydım, yoldaşlar?!. Füzulisi, Nizamisi, Üzeyiri olan bir xalqı səviyyəsiz, nadan bir kütlə hesab etmək nə qədər düzgündür?…
…Bəli də… - nazir saatına baxıb fikirləşdi – yenə gəlib Nizamiyə dirəndi… yenə o günküləri deyəcək… «Xəmsə»dən, Şirinin müdrikliyindən danışıb hamını çürüdəcək...
Tikinti və sosial təminat üzrə katib katiblərin ən cavanı olsa da, birinci katibin dilini bircə o bilirdi. Birinci katib cızığından çıxan kimi, unikal ustalıqla onu geriyə qaytarır, az qala partlayanacan üfürülən şarın havasını buraxan kimi, fısını yatırdırdı… Ya qəfildən mövzunu kökündən dəyişən məntiqsiz bir sual verirdi, ya danışıb –danışıb arada bir fikirlər ilğımına düşən birinci katibi gözlənilməz replikaları ilə ayıldırdı. Odu ki, birinci katib Füzuliyə keçəndə və otağı nigaranlıq və həyəcan havası bürüməyə başlayanda, hamı ona sarı çöndü… Cavan katib də dərhal qalstukunu düzəldib ayağa qalxdı:
– Elədir, yoldaş Xudiyev... – dedi – biz hamımız bu fikirdəyik və hamımız həqiqətən də... – cavan katib deyib susdu və burda, nə qədər təəccüblü olsa da, cavan katibin də gözləri yaşardı...
Daha bu ağ oldu… – nazir əsəbilikdən dil-dodağı quruya-quruya fikirləşdi – daha bu, yüz faiz düymə məsələsidi... ya da olsun ki, bu cavan ti cavan tikinti katibi bu yersiz təsirlənməyini birinci katibdən yoluxmuşdu… ya da olsun ki, o da onun kimi ağ dəlidi… Sonra da fikirləşdi ki, olsun ki, bu əclafların hamısının haralarındasa düymələri var, yeri gələndə, lazım olan məqam basıb gözlərini yaşardırlar, basıb hirslənirlər, basıb gülümsəyirlər...
Sonra nazir ağzını əli ilə tutub ehtiyatla əsnəyə-əsnəyə fikirləşdi ki, əslinə qalsa, onun özünün də harasındasa elə bir düyməsi var, amma yüz il qala, nazir o düymədən, bu heyvərələr kimi, dəqiqəbaşı istifadə etməz. Hər şeyin də axı bir ölçüsü, əndazəsi var axı… - nazir fikirləşdi – daha belə də olmaz axı... Çeviriblər hər şeyi lağlağıya. Biri gülür, o biri ağlayır...
– Həqiqətən ağlamalı vəziyyətdi... – cavan katib qəhərini udub səsi titrəyə – titrəyə dedi…- amma indi məsələ belədi ki, konkret iş görülməlidi.
- Məsələn nə?!. – birinci katib deyib qaşının birini qaldırdı və özünü hikkəylə çarxlı kreslosuna atdı...
Bu, o demək idi ki, əsəbiləşmişdi, hövsələsi daralmışdı... yaxud onu, istəmədiyi mətləblərdən danışmağa vadar edirdilər və sair və ilaxır... Bu yerdə hardansa nazirin yadına, məktəb illəri… uzun, arıq boğazı hansısa quşu xatırladan qarayanız coğrafiya müəllimi düşdü…
Yadına gəlir, coğrafiya dərsləri həmişə müəllimin içəri girib:
– Ay uşaq, siz Afrikanı tapın, mən də indi gəlirəm… – deyib yoxa çıxmağıyla başlayırdı… Sonra hamı bir-birinə qarışırdı… uşaqlar itələşə – itələşə, lövhədən asılmış nəhəng Afrikanı rəngləməyə başlayırdılar… sonra bundan da bezib dəftər vərəqlərindən kağız quşlar düzəldirdilər, sonra dəhlizə qaçıb o quşları orda bir – birinə ata - ata uçurdurdular… ya da bir-birinin belinə minə-minə ənzəli oynayırdılar… Sonra oynamaqdan bezib coğrafiya müəlliminin axtarışına çıxırdılar… həy2ətə çıxıb binanın arxasına keçirdilər və baxıb görürdülər, sən demə, bu quşa oxşayan coğrafiya müəllimləri məktəbin arxa həyətində qoyun qırxır…
…Nəğmə dərslərində isə, bütün sinif dağa, gül yığmağa gedirdi… dağın döşündən gül-çiçək toplayıb kollektiv şəkildə şəkil çəkdirən kimi, üzü günəşə dayana-dayana «təbiətin qoynunda» olduqlarını dərk edir və oxuyurdular:
tıraxtorçu çıx meyda…a…a…na
günəş səpilsin hər ya…a…na…
…Naziri bu yerdə gülmək tutdu… sonra yadına, sinifdən sinfə keçdikcə mətnləri niyəsə heç cür dəyişilməyən rus dili kitabları düşdü... Üçüncü sinifdə keçdikləri bir mətni: «U dyadi Qafara tri sına. Starşiy uçitel, sredniy slesar, mladşiy vraç», dördüncü sinifdə də keçirdilər, dəyişilən tək bir «dyadya Qafarın» adı olurdu: «U dyadi Bilala tri sına. Starşiy uçitel, sredniy slesar, mladşiy vraç…»
– Məntiq budu ki… – cavan katib bir qədər pauza verib susdu, sonra kədərlə – xalqla bir olmalıyıq… sadəcə ayrı yolumuz yoxdu... – dedi və ətrafına baxdı.
Birinci katib:
– Elə bu?.. – dedi və ayağa qalxıb nədənsə ticarət katibi ilə üzbəüz dayandı.
– Bax, məsələn sən… deyə bilərsənmi, xalqla bir olmaq – nə deməkdi? – sonra ticarət katibinin cavabını gözləmədən - Bəs siz?.. – deyə qəfil sıçrayışla o birilərə sarı çöndü və ordan da cavab gözləmədən, dabanları üstə hərlənib barmağını nazirə tuşladı, onu cinayət üstündə yaxalamiş kimi, başını qəribə bir həzzlə əsdirə – əsdirə:
– Bəs siz?!.. – dedi.
Nazirin ürəyi qırılıb az qala ayaqlarının altına düşdüsə də, özünü o yerə qoymadı… ayağa qalxıb, ağlına gələn qarmaqarışıq fikirlərit tələm-tələsik götür qoy edə –edə dayanıb durdu… bir anlıq qoca dostunun – əziz, unudulmaz müəlliminin balaca, qırışlı üzü gözünün qabağına gəldi... Professor gözlərini qıyıb məhrəm səslə: «Qorxma, – dedi – bunu birdəfəlik yadında saxla ki, bütün insanlar, ətdən və sümükdən, bir də kövrək sinirlərdən yığılmış zəif məxluqlardı... zəiflər zəifi sevmir… qüvvətli ol…»
– Biz sözsüz ki, ən qısa yolları axtarmalıyıq... – deyib udqundu.
Birinji katib deyəsən onun cavabından da razı qalmadı. Əllərini şalvarının ciblərinə basıb pəncərənin qarşısına keçdi və bir müddət ordan haralarasa baxa-baxa elə bil iclas əhlindən küsdü…
…Otaqdakılardan kimsə gərnəşdi… kimsə qalstukunu boşaldıb stuluna yayxandı… kommunal xidmətlər üzrə nazir böyründəkilərin arxasında gizlənib başını, qaşlarını əsdirə-əsdirə, səssiz-səssiz birinci katibi yamsıladı və hamı oturduğu yerdə səssiz-səssiz qəşş eləyib güldü...
…Birinci katib bir müddət pəncərənin qabağında beləcə susub sonra dabanları üstə geriyə fırlandı, şəhadət barmağını yenə ona tuşlayıb:
– Sən… – dedi – elə bilirsən, xalq səni qəbul edəcək?.. Bəs səni… – qəfildən katibin barmağı kompas əqrəbi kimi istiqamətini dəyişib Salmanova sarı çöndü. – …qəbul edəcək?!. Yoxsa elə bilirsiz sizi qəbul edəcək?..
Bunu deyəndə birinci katib artıq nəhəng, dəyirmi stolun ətrafında əyləşmiş o biri katiblərə, şöbə müdirlərinə, nazirlərə baxdı və bir müddət beləcə, verdiyi sualın ifadəsi üzündə, bir əli belində, o biri əli göydə dayanıb qaldı...
– Çaynikə oxşadı lap... – kimsə astadan arxadan atdı və oturanların asta hırıltısı stolu dövrəyə aldı. Sonra nə oldusa, hamı bir-birinə baxıb gərgin-gərgin susdu.
– Mən sizdən bir də soruşuram: xalq sizi qəbul edəcək?.. – birinci katib bir də, bu dəfə əsəbi – əsəbi dedi, sonra yenə cavab gözləmədən, süst vəziyyətdə kreslosuna düşdü…
Yenə fikri qırıldı… – nazir fikirləşdi – …indi o balaca qafasının içində eşələnir ki, bir şey tapıb çıxarsın... eşələn – eşələn, onsuz da ortaya çıxarılası bir şey tapmayacaqsan…
Uzun müddət Rusiyada, xarici ölkələrlə əlaqələr üzrə hansısa kiçik bir vəzifədə çalışan bu katibin ölkənin bu vaxtında respublikanın rəhbər
vəzifəsinə göndərilməsinin, xarici siyasətin növbəti, məkrli proqramı olduğunu, əslində nazir çoxdan, katibin işə başladığı həftənin ilk iclasından başa düşmüşdü…
Sonra nazir həmişə eləydiyi kimi, özünü birinci katibin yerində təsəvvür elədi... Yox, orası yüz faiz dəqiq idi ki, nazir heç vaxt özünü bu vəziyyətə salmazdı... Əvvəla, bu heyvərələri yığıb bura tökməzdi... töksəydi belə, özü susub onları dindirərdi, tələyə düşən siçan kimi qorxudub canlarına vəlvələ salardı... Bir də… – nazir qalstukunun düyününü bir qədər də boşaldıb fikirləşdi – görən niyə bu axmaq anlamır ki, yetmiş ilin köləliyi qanına, iliyinə yeriyən bir xalqın ipinin üstünə odun yığmaq olmaz?.. Axı bu binəva xalq zora öyrənib, özü istəməsə də canı zor istəyir. Yumruğunu təpəsinə vuracaqsan, dili qarnına girəcək, vurmayacaqsan, atılıb, çəpgöz dovşan canavarın belinə minən kimi, belinə minəcək. Yoxsa, ki, «siz mənə arxa olun, mən sizə…» Ay hay… Kütlədən də adama arxa olar?!.
…Birinci katib yenicə təyin olunduğu bu sahədə təcrübəsizliyindən idi, ya qaranəfəs girişdiyi bu yeni işin süəyyən incəliklərini dərindən bilmədiyindən idi, nəydisə, elə bil özündən xofluydu. İndi yenə həmin o xofun içində, gözləri hansısa naməlum nöqtəyə dikilə-dikilə, deyəcəyi hər sözü içində ölçüb-biçirdi, götür-qoy eləyərdi...
– Odu ki, deyirəm: xalqa ayrı yolla kömək etməliyik. Odu ki, deyirəm: zeytun yağı!..
…Birinci katibin stoluna bitişik nəhəng selektor işıqları yanıb sönə-sönə quqquldadı.
– Zeytun yağı elə-belə şey deyil, mənim əzizlərim… – katib üzündəki bic ifadəylə, gözlərindən qığılcım çıxa-çıxa başını yellədi – Bəlkə siz elə bilirsiniz, mənim başım xarab olub, bu vurhavurda, ölkənin, xalqın taleyi həll olunan belə bir ağır məqamda mən... – bu yerdə katib sağ əlini yuxarı qaldırıb çeçələ barmağının ucunu göstərdi – fındıq boyda bir bitkidən danışıram, bunu az qala dünya probleminə çevirirəm və mən dəliyəm, səfehəm, mən nə bilim nəyəm?!. Səhv edirsiz!..
– İndi saymağa başlayacaq…
Bunu nazirin sağ tərəfində oturan meşə naziri dedi, ona sarı əyilmədən, əsəbilikdən boğula-boğula ağzının içində donquldandı.
– Zalımın oğlunun huşu da yoxdu. Elə bil başında dəliyi var... Bir sözü neçə dəfə deyərlər?!.
...Meşə naziri zürafəyə bənzər arıq, əsəbi adam idi. Sözlərin axırını yeyə-yeyə, tələm-tələsik danışırdı. Aramla danışmağa elə bil hövsələsi çatmırdı.
Meşə nazirinin əsəbilikdən qaralan dodaqlarına baxa-baxa fikirləşdi ki, işdi, nə vaxtsa qismətinə düşsə, birinci katib olmaq səadəti ona da nəsib olsa, bu «zürafə»ni mütləq xalq təsərrüfatı üzrə katib təyin edəcək...
– …zalımın oğlu… orda o boyda meşələri qırıb göyə sovururlar, yer üzünün xəritəsindən silirlər... bu da yapışıb zeytuun yaxasından… İndi fikir ver, başlayacaq saymağa… – meşə naziri deyib qaşları əsəbilikdən yuxarı dartılla – dartıla gözlədi...
Birinci katib stola dirsəkləndi, əllərini irəli uzadıb barmaqlarını bir – bir qatlamağa başladı:
– Birincisi…
– Sağlamlıq!… - bunu katibli-nazirli bütün otaq xorla qışqırdı. Deyəsən hamı katibin bu zəhlətökən «dövlət proqramından» cana yığılmışdı.
- İkincisi…
Hamı xorla:
– Valyuta!..
– Üçüncüsü…
– Yaşıllaşdırma!..
– Elədir ki, var… – birinci katibin elə bil bu «xordan» sonra gözlçrinç işıq gəldi… üzü də işıqlandı və o, ayağa qalxıb əlləri ciblərində, qəribə xoruz yerişiylə otaq boyu gəzişməyə başladı.
Ticarət nazirinin gözü bayaqdan bəri hələ də onda idi. Hardansa qolçağının arasından çəkib çıxardığı balaca bükülünü stolun üstünə qoyub çırtmayla ona sarı ötürdü.
Kağızı açıb oxudu:
«Oyun avtomatları üçün yerin varsa, yağlı müştəri var».
…Kağızı oxuyub gülümsədi, qatlayıb döş cibinə qoydu, ticarət nazirinə baxa-baxa başı ilə «hə» dedi.
Stolun aşağı başında daha kimsə kiməsə belə bükülüdən ötürdü...
Birinci katib yerinə keçib dövlət proqramının cari mərhələlərindən danışmağa başlayanda, dəyirmi kollegiya stolunun üstündə bükülü kağızların hərəkətini nizamlayan balaca svetofora, ya da heç olmasa balaca, stolüstü milisionerə ehtiyac yaranmışdı... Evlər satılır, obyektlər açılır, zavodlar özəlləşdirilirdi…
– Mən Hamburqda təhsil alarkən... – katib üzüpəncərəyə dayanıb şəhərin panoramına baxa-baxa danışırdı – qoca bir qarı mənə yaxınlaşıb: «Oğlum», – dedi - sən, – dedi – necə də mənim oğluma oxşayırsan… Mənim oğlum da, sənin kimi, belə qarabəniz, çevik bir oğlandı...
Nazir hiss elədi ki, acından, susuzluqdan dizləri boşalır... Saatına baxdı... yeməyinin vaxtından düz bir saat keçirdi... Bir azdan dizləri tamam taqətdən düşəcəkdi, sinirsiz, sümüksüz yumşaq çəliklər kimi bir-birinə söykənib qalacaqdı…
…Arxa cərgələrdə kimsə asqırdı… və yenə bədəninə üşütmə gələ-gələ yadına, bu gecəki o əcaib yuxusu – çarpayısının ayaq tərəfində qaratikan kolu kimi bitən üzüçapıqlı, günorta iclasında ilğım kimi o baş-bu başa üzən girdəgöz qarı, taxtaları o üzdən bir-bir tərpənən döşəmə və daha bir xeyli ürəküzən, vahiməli məqamlar düşdü... Üzüçapıqlının zəqqutun qoxulu, yandırıcı sözləri bircə-bircə səsləndi qulağında: «…Bu ayın onunda…» Sonra nazirin gözü, birinci katibin stolunun arxasında divara vurulmuş iri ölçülü təqvim sataşdı… və nazirin az qaldı elə oturduğu yerdə ürəyi dayana…
«10» rəqəmi təqvimin tən ortasında güllə yarası kimi qızarırdı...
…Cibindən eynəyini çıxarıb gözünə taxdı, üzbəüz divardan asılmış təqvimə bir də, bu dəfə diqqətlə baxdıqca, hardasa sol qabırğasının altında işə düşən xırda əsəbi titrətməni hiss elədi… hə… bu gün ayın 10-u idi...
Qorxudan, ya olsun ki, acından idi, ürəyi bulanmağa başladı… sonra ürəyi eləcə bulana-bulana, boğazının damarları həyəcanla danışmaqdan şişən «birinciyə» baxa – baxa fikirləşdi ki, bu dəfə üzüçapıqlının daha arvadıyla işi olmayacaq... üzüçapıqlı bu gecə onun yuxusuna gələcək, canını da elə yuxuda alacaq... Çünki bu gün ayın 10-du...
Sonra da hövsələsi darala-darala fikirləşdi ki, bəs indi neyləsin?!. Bəlkə bu gecə evə getməsin?... Onda bəs hara getsin?.. Ya bəlkə evə getsin, gecə yatmasın?!. Beş-altı fincan qəhvə dəmləyib səhərəcən, gözləri bərələ qalanacan içsin...
Sonra stolun arxasında oturanlardan kiminsə əlindən nə isə şappıltıyla yerə düşdü… və nazir ürəyi sıxıla – sıxıla fikirləşdi ki, döşəmənin taxtalarının tərpənməyi yuxuydumu?.. Əgər bütün o məşəqqət yuxu deyildisə, onda o üzüçapıqlı kim idi… onlardan nə istəyirdi?!. Sonra da fikirləşdi ki, salamatı odu bu gecə evə getməsin.
…Bu yerdə naziri ağlamaq tutdu… katibin həyəcandan ağarmış sifətinə baxa – baxa, oturduğu yerdə gözləri doldu... bir müddət quruyub ayaqdaşına dönən cod dilini damağında gəzdirə – gəzdirə, bu gecə üzüçapıqlıdan xilas olmağın digər yolları haqda fikirləşmək istədisə də, beyninin acından, ya həyəcandan taqətini itirdiyini və bu səbəbdən bu dəqiqə nəyisə axıracan dəqiq müəyyənləşdirə bilməyəcəyini anladı... …Aşağıdan izdihamın səsi eşidilməyə başladı… «Birinci» bu səsdən danışdığı yerdəcə donub qaldı… ağarıb muma döndü...
Otağa hay-həşir düşdü… stullar çəkidi, nazirlər, katiblər pəncərələrə qondular…
Binanın əsas girişi adamla dolu idi... Saysız-hesabsız gözlər aşağıdan yuxarı onlara dikilmişdi… bir dəniz yumruq acıqlı – acıqlı havanı yumruqlayırdı:
– XA-İN-LƏR!.. XA-İN-LƏR!.. SAT-QIN-LAR!.. SAT-QIN-LAR!..
Sonra izdihamın içindən kimsə əlində yaşıl bayraq sıçrayıb binanın pilləkənləri boyu yuxarı dırmaşdı və kütlə ilə üzbəüz dayanıb əllərini yuxarı qaldırdı.
İzdiham bir adam kimi susdu.
– Xalqın tələbi budur! İndiyəcən saysız-hesabsız qurbanlar verə-verə gəlmişik! Daha bəsdir! Xalqın içindən çıxıb xalqın adından tarixi qeyrətsizliklər edənlərə ar olsun!!!
– Ar olsun!!! – binanın üstündə, əlində bayraq dayanan arıq, eynəkli adamın səsinə elə bil bütün şəhər səs verdi.
– Dövlətin toxunulmazlığı – onun sərhədlərindən başlayır! Bir qarış torpağımız tapdanıbsa, hamı bir nəfər kimi ayağa qalxmalıdı, öz torpağını, evini, namusunu, dədə-baba məzarını müdafiə etməlidi! Daha bu biqeyrətlərdən kömək gözləyə bilmərik!
Danışanın səsi elə bil arada batırdı, sonra yenə qırıq-qırıq eşidilməyə başlayırdı... Burdan – hündür tavanlı binanın on üçüncü mərtəbəsindən baxanda aşağıdakılar əlvan qarışqa sürüsünə bənzəyirdilər…
… Əsəbilikdən, ya olsun ki, qorxudan nazirin qulaqları tutuldu... indi burdan necə çıxacaqdılar?..
Binanın girəcəyinə yığışan adamların arasıyla irəliləməyi, camaatın təpik-yumruğu altında döyülə-döyülə aradan sivişməkləri gözünün qabağına gəldi… Yaxşı yerdə axşamladılar...
…Hiss elədi ki, bayaqdan onsuz da zəifləyən dizləri get-gedə tamam heydən düşdü... gözü, hamıdan arxada dayana - dayana, əllərini arxasında çarpazlayıb barmaqlarının ucuna qalxan və həmin vəziyyətdə qulaqlarını şəkləyə – şəkləyə aşağı boylanan birinci katibə sataşdı... Birinci katibin vəziyyəti deyəsən onunkundan da ağır idi... Bunu nazir, katibin, qanı qaçmış düm ağ sifətindən başa düşdü...
Katib bir müddət beləcə barmaqları üstə dayanıb – dayanıb qəfildən dabanı üstə düşdü, iti addımlarla stolunun arxasına keçib orda ehtiyatla kreslosuna əyləşdi, başı ağrıyan kimi əlləriylə başını tutdu...
– Bu binada oturan binamuslar bir nəfər kimi istefa verməlidi! – aşağıdan səslər eşidilirdi...
– İS-TE-FA! İS-TE-FA! İS-TE-FA!!!
…Nazir hiss elədi ki, izdihamın səsindən birinci katibin nəhəng otağının işım-işım işıldayan döşəməsi titrəyir...
Sonra aşağıdan bir-bir familiyalar oxunmağa başladı.
– Salamov!.. Mirzəzadə!.. Talıbov!.. Məsimov!..
… Öz familiyasını eşidəndə nazirin gözü qaraldı... sonra nə oldusa, aşağdakılar elə bil lap qəzəbləndilər, nəhəng, hirsli əjdaha kimi kükrəyib qorxunc səslə:
– Ölüm!!! Ölüm!!! Ölüm!!!.. – deyib çığırmağa başladılar...
Elə bil bütün şəhər qışqırırdı... səslər həm də elə bil göydən gəlirdi...
Nazir tükü ürpənə-ürpənə ətrafına baxdı...
– İşə düşdük də… gəl indi çıx burdan, görüm necə çıxırsan…
Bunu nazirin arxasında dayanan, dayandığı yerdəcə ayağı büdrəyib səndələyən meşə naziri dedi... Onun da rəngi qaçmışdı, amma danışmağa hələ ki, heyi vardı...
Birinci katib çal, dalğalı saçları alnına tökülə-tökülə, əsəbi hərəkətlərlə selektorun dymələrini elə basırdı, elə bil pianoda çalırdı və belədə, həm də nədənsə toyuğa oxşayırdı...
Selektorda əlli səs bir-birinə qarışmışdı…
– Arxa qapıda milis və hərbi maşınlar sizi gözləyir, yoldaş Sultanov...
– Sol və sağ girişlər tutulub…
– Üçüncü sektora adam axını qeydə alınıb…
– Tələsin yoldaşlar…
***
…Yağış yağırdı… hava qaralmışdı… Havanın qaralması bu axşam nazirin ürəyini sıxıırdı... Bu axşamın düşməyini nazir nədənsə bədəninin bütün toxumalarıyla, az qala dərisiylə hiss eləyirdi... Qəribəydi ki, bu dəfə göyün üzü də nazirin ürəyi ilə bir, nəbz kimi döyünə-döyünə qaralırdı... Hər döyüntülə maviliyi ovuc - ovuc yığılıb tündləşirdi...
...Maşına əyləşib bir müddət dinməzcə oturdu, sonra elə bil havası çatmadı, boğuldu. Qalstukunu boşaltmaq istədisə də, alınmadı, qalstuku buxağının altına dirənib düyünlənmişdi, dartışdırdıqca elə bil bir az da sıxılıb tarıma çəkilirdi
… Maşın yüngülcə ləngər vurub hərləndi və darvazaya sarı yönəldi.
…Nəfəsini dərib, üstündə yırğalana-yırğalana oturduğu oturacağı tumarladı... Oturacağın üzü açıq-qəhvəyi məxmərdən idi, tumarladıcqa adama yuxu gətirirdi... Evdəki kresloların, divanların da üzü beləcə sürüşkən məxmərdən idi. Nazir bir anlıq özünü evdə, həmin o məxmər üzlü kreslosunda təsəvvür elədi... çətini, gedib o kresloya çatmaq idi… içinə ki, girdi, çıxmaq bilmirdi… ordaca yeyirdi, telefonla danışırdı, kitab oxuyurdu... ordaca yorulub yuxuya gedirdi və …elə ordaca məxmər kimi sürüşkən, yumşaq yuxulara qərq olurdu...
Bir dəfə… həmin o məxmər üzlü kresloda yuxuya gedib görmüşdü ki, balaca bir oğlandı... atasının qucağında oturub... Atası da ona məhəl qoymadan dinməz-söyləməz harasa uzaqlara baxır... atasının əynində də, kreslonun üzü kimi açıq qəhvəyi məxmər şalvar... Atası elə əzəmətliydi, elə vüqarlıydı ki, yuxuda başını atasının sinəsinə söykəyib o ki, var ağlamışdı... Sonra da ayılıb görmüşdü ki, üzünü kreslonun kürəkliyinə söykəyib ağlayırmış... O gecədən sonra, evdəki o nəhəng kresloya atası kimi baxırdı...
… Nazir fikirləşdi ki, bu gecə atası da ovundura bilməyəcək onu... odu ki sürücüyə:
– Bayıl tərəf sür… – dedi, sonra da ürəyi sıxıla-sıxıla fikirləşdi ki, birdən professor evdə olmadı, onda neyləyəcək?!.. Sonra özünə toxtaqlıq verə-verə fikirləşdi ki, dünyanın düz vaxtında evindən çölə çıxmayan professor bu yağışlı gündə, gecənin bu vaxtı harda ola bilərdi axı?!.
Maşın qaranlıq, sulu küçələrlə getdikcə, pəncərədən baxa -baxa fikirləşdi ki, halını bircə o balaca, müdrik adam başa düşəcək... Son qərarı da o çıxaracaq… deyəcək neyləsin, neyləməsin… Necə ki, ömrü boyu demişdi... xırda gözləri deyəcəyi sözün ecazından işıldaya-işıldaya, tülkü caynağına oxşar balaca əlləri bir-birini ovuşdura-ovuşdura asta səslə, tələsmədən, bircə-bircə demişdi...
…Hələ lap çoxdannan, onda ki, o hələ nazir deyildi, keçmiş nazirin – çalsaç, əzəmətli şairin dılğır köməkçisiydi… beləcə yağışlı - çiskinli bir payız axşamı qoca dostu gözlərini onun üzünə zilləyib bic-bic gülümsəmişdi… sonra əlindəki qədəüi birnəfəsə başına çəkib yarıciddi, yarı zarafat: «Nazir sən olacaqsan..» – demişdi. Onda yadına gəlir, əvvəl keyiyib qalmışdı, sonra pərt-pərt gülümsünüb qoca professorun dediyini zarafat bilmişdisə də, sonradan nazir olmağın azarından qurtula bilməmişdi...
Professorun tutqun üzü gözünün qabağına gəldi... professor yenə gülümsünüb göz vurdu ona:
– Darıxma… – dedi – deyərəm indi neyləməlisən... səbrin olsun… Hələ qoy, fikrimi bir yerə toplayım... – dedi və xırda gözlərini həmişəki uzaqgörənliklə harasa uzaqlara zillədi...
… Maşın Bayılın dikdirinə qalxıb sağa buruldu... və nazirin yadına, professorun, onun nazirin köməkçisi keçməsi üçün işləyib hazırladığı dahiyanə proqramının birinci bəndi düşdü: təcili surətdə nazirin arvadına vurulmaq... sonra keçmiş nazirin qaragözlü, dolu bədəndli xanımının gilasa oxşayan dəyirmi, ətli üzü gözünün qabağına gəldi... Ən gülməlisi o idi ki, onda o, həmin o gilas xanımına doğrudan-doğruya vuruldu... üstəlik…
…Bu yerdə nazir başını söykənəcəyə atıb qarnı əsə-əsə səssiz-səssiz güldü… hələ bu azmış kimi, üstəlik naziri öldürmək fikrinə də düşdü… Xırda kağız bükülüsündə siçan dərmanı gətirib özünü necəsə nazirin qəbul otağına salmağı, katibənin başını telefona qatıb dərmanı nazirin çayına da tökməyi düşdü… Onda, yadına gəlir, idarə rəisi işləyirdi… Nazir çayı içib ölməmişdi, amma bircə ay arxası üstə xəstəxanada yatmışdı...
… Ay səni… – nazir yenə professorun balaca, bic üzünü gözünün qabağına gətirə-gətirə, öz-özünə gülə-gülə fikirləşdi... – Sənin bu balaca canında nələr varmış, professor?!.
***
…Professorun mətbəxinin işığı yanırdı... Mətbəxin pəncərələri, professorun özü kimi balaca və tutqun idi… Pərdələri olmadığından burdan – aşağıdan baxanda, mətbəxin az qala bütün içi görünürdü...
Kimsə qaz pilətəsinin üstünə əyilib orda nə isə eləyirdi...
Yenə qəhvə dəmləyir yəqin... – nazir tıncıxa-tıncıxa ətli bədənini bir təhər hərləyib maşından düşürə-düşürə fikirləşdi, sonra dayanıb bir müddət professorun pəncərədən görünən siluetinə baxdı... Sonra pilləkənləri qalxa-qalxa fikirləşdi ki, indi Allah bilə, yenə kimin üçün doktorluq işi yazır, ya redaktə edir. İndi Allah bilə, onun bu yersiz təşrifinə əsəbiləşəcək, yoxsa əksinə, sevinib boynuna atılacaq, gözləri parıldaya – parıldaya, dişsiz damaqları bir – birinə sıxıla – sıxıla:
Yaşka… - deyəcək – nə yaxşı ki, gəldin… Bayaqdan ürəyim sıxılır… canımı qoymağa yer tapmıram… - sonra çölə baxıb - …hava yaman soyuqdu… - deyəcək – deyirəm bəlkə…
Onda o pəncərədən çölə boylanıb sürücüyə işarə edəcək ki, araq alıb gətirsin… Ya da olsun ki, professor heç nə deməyəcək... Heç araq da istəməyəcək… İkinci mərtəbədə ayaq saxlayıb nəfəsini nizama sala - sala fikirləşdi ki, bəlkə professorun ümumiyyətlə daha sözü yoxdu ona deməyə?!. Ola bilsin ki, sözü qurtarıb, tükənib daha... Maşın deyil ki...
Bunu fikirləşdikcə, ürəyi döyündü, ya bəlkə pilləkənlər çox hündür idi, ona görə nəfəsi belə təntidi?!..
...Professorun qapısını elə bil yumuşdular, ya da olsun ki, təzəcə rəngləmişdilər… Ya ona elə gəldi?!..
...Zəngin düyməsini axtardısa da, tapmadı… sonra yadına düşdü ki, professorun qapısında heç vaxt zəng düyməsi olmayıb axı... Zəngin səsi professorun əsəblərinə təsir eləyirdi deyə, qapını taqqıldatmaq üçün üstünə kiçicik qulpabənzər nə isə vurmuşdu…
...Qapını astaca taqqıldadıb gözlədi… içəridən səs-səmir gəlmədi... Bir də taqqıldadıb qulağını qapıya dirədi… dəhlizdə elə bil kimsə gəzişirdi.
Nazir bir qədər də gözləyib bu dəfə qapını döydü.
…Qapını professor açdı… əvvəl bir müddət ifadəsiz gözlərlə onun üzünə baxıb, elə bil tanımadı onu... qapının dəstəyini burub deyəsən bağlamaq da istədi... Onda nazir ayağını, bədəninə uyğun olmayan çevikliklə qapının arasına salıb:
– Professor, tanımadın?... Mənəm də... Yaşka, Yaşar, Yaşovul!.. Tanımadın yoxsa?!. – dedi.
Professor başını tərpədib:
Hə... – dedi – sonra qəribə incik üzlə – deyəsən tanımadım axı, dostum... – dedi, dəhlizin işığını yandırıb deyəsən mətbəxə getdi… Nazir özünü dəhlizə salıb qapını bağladı, plaşını soyunub qapının ağzındakı üçbuynuz asılqandan asdı.
Mətbəxdən fincan-nəlbəkinin cingiltisi eşidildi... Nazir otağa keçib özünü küncdəki meşin üzlü kresloya saldı... Bu kreslo professorun «qonaq otağı» idi. Yanına gələn dostlarına, qonaqlarına, professor hörmət əlaməti olaraq, bu kresloda oturmağı təklif edirdi…
…Otaqdan kağız iyi gəlirdi... Elə bil hardasa yaxında mətbəə vardı… Nazir yerini rahatlayıb otağa nəzər saldı... Burda hər şey iyirmi il əvvəlki qaydasındaydı. Divar boyu tavanacan yığılmış kitablarla dolu tozlu rəflər, döşəmədə üst-üstə qalanmış əlyazmalar, köhnə rus jurnalları… Rəflərdəki kitablar da iyirmi il əvvəlki düzümündə qalmışdılar, üstlərindəki toz da iyirmi ilin tozu idi… Dekartın, Bekonun, Aristotelin, Kantın kitabları həmişəki ardıcıllıqla ən yuxarı rəfdəydilər, tünd göy cilidləri əvvəlki qaydada qalın tozun altında bozarmağındaydı... Aşağı rəflərdə şərq fəlsəfəsi, qədim çin və yapon filosoflarının kitabları yatırdı...
Üzbəüz divardan iki şəkil asılmışdı. Bu şəkilləri nazir birinci dəfə idi görürdü. Görünür son vaxtlar alınmışdı. Olsun ki, onları professora hədiyyə vermişdilər. Şəkillərdən biri sübh çağının, yaxud olsun ki, axşam ala toranının qaranlığını təsvir edirdi… qaranlığın tən ortasında qızılgülün tumurcağını xatırladan noxud boyda qırmızı işartı közərirdi... İşartının içində balaca bir quş oturmuşdu… O biri şəkil – ağ boşluğun tən ortasından aşağı enən iki qara xəttdən ibarət idi... Şəkillərin altındakı nəhəng akvarium isə, həmişəki bulanıq suyu ilə əvvəlki görkəmini saxlamışdı…
...Nazir ayağa qalxıb döşəməni cırıldada-cırıldada akvariuma yaxınlaşdı, əyilib bulanıq suyun içinə baxdı... Akvariumun içində bircə dənə belə olsun, balıq gözə dəymirdi... Balıqlar ölmüşdü, nəydi?!.
Əlbətdə ölmüşdü... – nazir öz-özünə fikirləşdi – bu boyda bulantıda balıq qalar? Sonra nazir pencəyinin qoltuq cibindən eynəyini çıxarıb gözünə taxdı, əyilib suyun dibinə baxdı... Akvariumun dibi dərin okeanın dibi kimi qaranlıq və vahiməli idi… Orda nazirin gözünə dəniz yosunlarını xatırladan qəribə qaraltı dəydi… eynəyini düzəldib qaraltıya diqqətlə baxdı və ürəyi düşdü... Akvariumun dibi balıq kürüsü ilə dolu idi... Balıq konservlərində çəngəlinə düşən bişmiş balıq gözləri kimi qupquru və hərəkətsiz kürü... Sonra nazir birdən-birə akvariumun bütün dibini gördü və vahimədən az qaldı nəfəsi kəsilə…
…Akvariumun dibi balaca, ölü balıqlarla dolu idi... Rəngbərəng pullu balıqlar bir-birinin üstünə qalanıb qalmışdılar… Elə bil çoxdan, lap çoxdannan, yüz il, min il bundan əvvəl ölmüşdülər, bulanıq su rənglərini aparmışdı, içlərini boşaldıb, soğan qabığı kimi nazik qabıqlarını saxlamışdı… kürüyə bənzəyən isə, ölü balıqların qara, xırda muncuqlar təki sudan asılı qalan gözləri idi...
…Bu mənzərədən, ya akvariumun suyunun iyindən nazirin ürəyi bulandı… Akvariumun suyundan ölü balıqların iyi gəlirdi... Sonra nazirə elə gəldi ki, bu iy akvariumdan yox, ümumiyyətlə evin içindən gəlir... Burnu keyiyənəcən havanı iylədisə də, bu çürüntü qoxusunun, dəqiq hansı tərəfdən gəldiyini müəyyənləşdirə bilmədi… kor peşman qayıdıb bayaqkı yerinə əyləşdi…
... Dəhlizdən bir neçə adamın ayaq səsləri eşidildi və çox keçmədi ki, içəri, professorun, qoca tülküyə oxşayan kürən iti daxil oldu...
İt nazirə baxıb əvvəl uzun qulaqlarını şəklədi, sonra elə bil havanı iylədi…
– Ayxo, əzizim, tanıdın məni?.. – nazir yazıq səslə deyib itin gözünün içinə baxdısa da, bir vaxtlar mehriban baxışlarlı ona zillənən bu bəbəklərdə mərhəmətə aid zərrə qədər nə isə tapa bilmədi… it, sulu ağzını əsəbi-əsəbi əsdirə – əsdirə qəzəblə mırıldadı.
Onda nazir əlacsız halda yan-yörəsinə göz gəzdirib yaxındakı mizin üstündən bir tikə qənd götürdü, qəndi yuxarı qaldırıb:
– Hə, di tut, görüm… - dedisə də, it qəndə reaksiya vermədi, bayaqkı acıqlı mırıltıyla ona baxmağına davam elədi.
Nazir bu mırıltıdan özünü itirib əlindəki qənb tikəsini havaya atdı və qənd tikəsi hərlənib itin kürəiynə düşdü… it dişlərini qıcıdıb bir az da bərk mırıldadı, elə bil nazirin üstünə atılmağa hazırlaşdı...
… Naziri soyuq tər basdı…
– Di yaxşı… sakit ol, sakit ol... – dedi – uşaqlıqda xoşlayırdın ki, qəndi... indi noldu belə?.. - sonra ayağa qalxıb, qəhvə dəmləmək üçün mətbəxə gedib hələ də geriyə dönməyən professorun ardınca yollanmaq istədisə də, it bir addım da qabağa gəldi, gözlərini bərəldib iri kalibrli tapança gülləsinin səsini andıran qorxunc səslə hirsli-hirsli hürməyə başladı...
– Allah sən saxla... – nazir dedi və kök ayaqlarını zorla tərpədə-tərpədə kreslonun üstünə qalxdı, səsi gəldikcə mətbəxə sarı:
– Professor?!. Siz hara getdiz?.. – deyib qışqırdısa da, səsinə səs verən olmadı... Elə bil professor mətbəxdə, ya evin hansısa sirli küncündə yerli-dibli yoxa çıxmışdı... Ya bəlkə ölmüşdü?!.
…Bəlkə professor onu eşitmir? – nazirin ürəyindən keçdi..0.
…İtin qəzəbi get – gedə elə bil artırdı, nəhəng kürən bədəniylə nazirin koeslosunun qabağında atılıb düşə-düşə, getdikcə daha dəhşətli səslərlə hürürdü...
… Nazir başının tükləri qabara-qabara yan-yörəsinə baxdı... və ani olaraq fikirindən keçdi ki, kresloya dirənən mizin böyründən keçib küncdəki pianonun üstünə dırmaşa bilər... ora itin boyu çatmaz...
– Professor!.. – nazir bu dəfə var gücü ilə, qadın çığırtısını andıran biabırçı səslə qışqırdısa da, mətbəx tərəfdən yenə cavab gəlmədi... Elə bil professor mətbəxə gedən yolda dəhlizin hansı dəliyinəsə düşüb itmişdi...
… Hiss elədi necə qıçları zəif-zəif titrəməyə başladı, necə ağzının suyu çəkilib getdi, dili mişara dönüb damağını daladı...
…Əlini divara dirəyib ehtiyatla mizin üstünə qalxdı, ayağının birini mizin üstünə qoymağıyla, mizin laxlayıb yerə çökməyi bir oldu… nazir böyrü üstə döşəməyə dəyib yırğalandı... sol yanağı gizildədi...
…İt nazirin yıxılmağını gözləyirdi elə bil, üstünə atılıb, ağzını nazirin az qala ağzına dirəyib nəfəsi tutula-tutula hürməyə başladı...
Nazir itin altından birtəhər qurtulub ayağa qalxdı, özünü hövlənak dəhlizə atdı… it ardınca dəhlizə çıxmasın deyə, otağın qapını tələsik çəkib kip bağladı… ordan birbaş mətbəxə cumdu… və mətbəxdə gördüyü mənzərədən az qaldı dayandığı yerdəcə ağlaya…
…Mətbəxdə heç kəs yox idi.. nə qaz pilətəsi, nə də işıq yanmırdı...
Onda nazir vahimədən ürəyi ağzına gələ-gələ dəhlizə cumub, orda səsi gəldikcə:
– Professooor!.. – deyib çığırdısa da, nə yarıqaranlıq dəhlizdən, nə də o biri otaqlardan səsinə səs verən olmadı… Bu məqam ağlına gələn növbəti fikirdən nazirin az qaldı ürəyi dayana...
…Elə bil evdə heç kim yox idi axı...
…Qorxulu yuxunu andıran bu dəhşətli fikirlə nazir özünü, qapısı dəhlizə açılan o biri otağa necə saldı, özü də bilmədi…
…Professor burda idi… yarıqaranlıq otağın yuxarı küncündə, üstü kağız – kuğuzla, köhnə qovluqlarla dolu yazı stolunun arxasında, balaca stolüstü lampanın işığında oturub, gözündə eynək, əlində qələm diqqətlə nə isə oxuyurdu… oxuya-oxuya harasa nə isə qeyd edirdi, nəyisə pozub təzədən yazırdı…
…Nazir, bayqakı vahimə hələ də canında, qorxudan keyimiş ayaqlarını zorla tərpədə-tərpədə professora sarı getdi... gəlib onunla üzbəüz dayandı… İtin səsi hələ də dəhlizdən eşidilməkdəydi... hürüb-hürüb arada bir canavar ulartısıyla ulayırdı…
…Professor əvvəl elə bil onun gəlişini hiss eləmədi, yazılardan ayrılmadı... sonra elə bil onu qəfildən gördü, eynəyini çıxardıb:
– Hə... nə durmursan, keç əyləş... – dedi, divar boyu düzülüən üç-dörd sınıq-salxaq stulu göstərdi.
… Naziri ağlamaq tutmuşdu, ağzını açıb nə isə demək istədisə də, həyəcandan üyüşən dilini tərpədə bilmədi... professorun göstərdiyi stullara sarı getdi, cibindən burun yaylığını çıxardıb gözlərinə dolan yaşı sildi, stullardan birinə əyləşib:
– Niyə belə eləyirsən, professor?!. – dedi və sakitcə ağladı..
Professor daha yazmırdı... üzündəki qəribə müəllim ifadəsi ilə nazirə elə baxırdı, elə bil birinci dəfə görürdü onu.
- Bu nə gizlənpaçdı oynayırsan mənnən, professor?.. Axı mən… mən ki… - burda nazirin boğazını elə bir qəhər tutdu ki, nazir az qaldı oturduğu yerdə boğula…
– Gizlənpaç?.. Hansı gizlənpaç?.. – professor hannan hana dedi, sonra eynəyini gözünə taxıb nazirə diqqətlə baxdı – Axı niyə ağlayırsan? – dedi – Xətrinə dəyən oldu bəlkə?!..
Professoru dinlədikcə, nazirin canına yeriyən vahimə sovuşurdu elə bil... Professorun səsi həmin mülayim, doğma səs idi… Odu ki, nazir ürəklənib yerində qurcalandı, stulunu professora sarı çəkib, heç kim eşitməsin deyə astadan:
– Mən tələdəyəm, professor... – nazir deyib koppuş əllərini həmişə elədiyi kimi, dizlərinin üstünə qoydu...
– Tələ?.. – professor çönüb yenə nə isə yazırdı…
– O yenə gəlmişdi... – nazir deyib gözaltı professorun yazdığı vərəqə baxmaq istədisə də, eynəksiz idi deyə, professorun xəttini oxuya bilmədi… - Üzüçapıqlını deyirəm... Yenə məni hədiləyirdi... dedi və öz dediyindən bədəni vicələndi... Axı o, üzüçapıqlı haqqında professora heç danışmamışdı da... İndi bu nə sual idi, verirdi?!.
Bu fikirdən, düşdüyü bu anlaqsız vəziyyətdən nazirin boğazını qəhər tutdu, sonra heç nə fikirləşmədən, əlacsız halda:
– …bu gün ayın onudu… – deyib susdu, professora baxıb onun nə deyəcəyini gözlədi.
…Professor elə bil üzüçapıqlı haqqında bilirdi, əlindəki qələmi kədərlə yazılı kağızların üstünə atıb başını aşağı saldı, bir müddət beləcə oturub hüznlə susdu… sonra elə bil öz-özünə:
– Hə… özüdü ki, var… - dedi.
Nazir nəfəsini saxlayıb, professorun daha nə isə də deyəcəyini gözlədisə də, professor daha heç nə demədi...
Bu yerdə nazirin hövsələsi daraldı:
– Sən kimi deyirsən?.. Mən ki... mən ki, onun barədə sənə heç danışmamışam da… - deyib ayağa qalxdı - ...indi sən... axı sən...
Professor elə bil onu eşitmədi, başını qaldırıb üzbəüz divara elə baxdı, elə bil pəncərədən harasa uzaqlara baxdı…
…Nazir hiss elədi, necə ayağının altındakı döşəmə astaca ləngər vurdu... Professorun qəribə səsindən, ya dediyi sözlərin təsirindən, nazirin gözü qaraldı... bir də onu gördü, diz-dizi sürünə-sürünə, otağın ortasıyla o baş – bu başa yerəyən professorun ardınca yeriyir… ona çatıb başını professorun çəlimsiz dizlərinə qoyur, nəfəsi itə-itə ağlayır... Ağlaya-ağlaya da, qulaqları vahimədən gizildəyə-gizildəyə fikirləşir ki, necə olub ki, bu vaxtacan bu küt başıyla üzüçapıqlının Əzrayıl olduğunu başa düşməyib?!. Sonra ağlayıb-ağlayıb, professorun, stolüstü lampasının işığında közərən eynəkli üzünə baxdı və... bədəninə elə bir üşütmə doldu ki, az qaldı dişi-dişinə dəyə... qəfildən anladı ki… sən demə, professor bayaqdan bəri gözünü qırpmadan ona yox, onun üzündən iki barmaq yan tərəfə – yarıqaranlıq otağın hansısa küncündə oturan, ya dayanan kiməsə baxırdı... Bir də professor... – nazir bu yerdə elə bil ayıldı – ... elə bil bu axşam özünə oxşamırdı... Bu axşam professorun burnu qəribə bir qıvrımlıqla qıvrılıb dodaqlarının üstünə uzanmışdı, qulaqlarının ucu yuxarı dariılıb itiləşmişdi… Həmin bu qulaqlarla professor bir az da elə bil üzüçapıqlıya oxşamağa başlamışdı...
…Bu yerdə nazir hiss elədi ki, ayağa qalxmasa, bu dəqiqə baş götürüb canını bu dəhşətli yerdən qurtarmasa, ürəyi dayanacaq...
Odu ki, ayağa qalxıb, professoru daldığı xəyalından ayırmamaqdan ötrü, barmaqlarının ucunda ehtiyatla otaqdan sivişdi, qapını arxasınca çəkib ehtiyatla bağladı… sonra işığı yandırmadan, qaranlıq dəhlizdə tələm-tələsik geyindi... Professorun, canavar ulartısıyla ulayan itinin səsi hardansa o biri otaqlardan gəlirdi... həm də elə bil hardansa aşağıdan, həyətdən gəlirdi…
…Nazir, otrurmaqdan şişib ağırlaşan ətli ayaqlarını ayaqqabının içində təzəcə rahatlamışdı ki, o biri otaqlardan hansınınsa qapısı açıldı… və professorun nəhəng iti sarı ildırım kimi onun üstünə şığıdı…
Nazir yoğun bədənini qapıdan sivişdirib çölə çıxarmağı zorla çıtdırdı, qapını çəkməyiylə ayağına qaynar nəyinsə dağılmağı bir oldu… Bədəni əsə-əsə əyilib ayağına baxdı... şalvarının sol balağı qan içində idi... İt qapının o üzündən yazıq-yazıq zingildəyirdi.
…Maşın həyətdə yox idi... ürəyi döyünə – döyünə o yan bu yana baxıb maşını axtardısa da gözünə bir şey dəymədi… yağış güclənmişdi…
…Həyəti burulub küçəyə çıxdı... maşın burda da yox idi…
– …Bunun səhəri günü də olacaq, ay bədbəxt... – sürücüsünün dana üzünü andıran şüursuz sifətini gözünün qabağına gətirə-gətirə, əsəbilikdən boğula-boğula fikirləşdi – Axı sabah ayağıma döşənib gözün bərələ-bərələ ağlayacaqsan…
…Yol bomboş idi... bircə səkinin kənarları boyu bitən solğun işıq dirəkləri, yağışdan islanıb qara güzgü kimi parıldayan səkilərə zəif sarımtıl işıqlar salırdı...
…Qolçağını çəkib saatına baxdı… beşin yarısı idi…
Məəttəl qaldı… bu qədər vaxtı professorgildə nə edirdi?.. Sonra saatı qulağına tutub qulaq asdı görsün ki, yatmayıb?.. Saat çıqqıldayırdı…
Bu nə demək idi?!. – nazir ürəyi tez – tez döyünə – döyünə fikirləşdi... başı xarab olurdu, nədi?!. Ya bəlkə yenə yuxu görürdü?!.
…Küçələr bomboş idi… Nazir hiss elədi, necə aşağıdan yuxarı əvvəl ayaqları, getdikcə bədəni soyuyur…
…Durduğu yerdə adam yəqin elə beləcə ölür... – fikirləşdi... sonra havanı ciyərlərinə çəkib, şəhərin mərkəzinə aparan geniş yolla üzüaşağı yeriməyə başladı...
Ən qəribəsi budu ki… – nazir yol boyu düzülən tənha işıq dirəklərinin, qaranlıq ağaclıqların arasıyla yeriyə-yeriyə fikirləşdi – nə yağışın, nə sulu asfalta dəyib şıppıldayan ayaqlarının səsi eşidilmir… sonra ağlına gələn bu fikirin təsirindən, yol getdiyi yerdə, birdən – birə elə vahimələndi, elə zəiflədi, az qaldı dizi üstə yaş asfaltın üstünə çökə, ürək dolusu hönkürüb ağlaya...
Olsun ki, bütün bunlar yuxu deyildi... – nazir yumşaq addımlarla yeriyə-yeriyə, havanın soyuğu iliyinə işlədikcə düşünürdü... burnu uzanan professor, beşin yarısını göstərən saatı, yeridiyi bu tənha, vahiməli küçələr…
...Arada bir hardansa uzaqdan it hürüşü eşidilirdi… Bu, professorun kürən itinin səsiydi, nazir bilirdi… indi yaralı pəncəsinin qanı tökülə-tökülə, onun bədəninin iyini ala-ala üç ayağı üstə Allah bilə, ha tərəfdən onun ardınca gəlirdi…
…Addımlarını yeyinlətdikcə, qəfildən hiss elədi ki, bədəni ayaqlarının yox, ağır çarxlara bənzər nəyinsə üstüylə gedir... Ha əyildisə baxsın ki, üstü ilə irəlilədiyi, ya sürüşdüyü nədi belə, qarnı imkan vermədi…
…İtin hürüşü get-gedə yaxından eşidilməyə başlayırdı...
«Təkərlərin» üstüylə irəlilədikcə, arada bir nəyəsə ilişdiyini, yerə yıxılıb, öz üstündən keçəcəyini hiss eləyirdi… Çalxalana-çalxalana gedirdi deyə, hiss eləyirdi, necə kök yanaqları, buxağı, sallaq qarnı, təzə kəsilən qoyunun isti quyruğu kimi əsim-əsim əsir…
…Gedib-gedib, arada bir necəsə dayanırdı, işıq dirəyindən, ya ağac gövdəsindən yapışıb, tövşüyə-tövşüyə geriyə boylanırdısa da, iti görə bilmirdi… Arxada ümumiyyətlə elə bil heç nə yox idi… nə evlər, nə işıq dirəkləri, nə yaş asfalt… İndi arxada, nazirin heç vaxt görmədiyi, nə olduğunu bilə bilmədiyi tüstülü - dumanlı qaranlıq vardı... elə bir qaranlıq dumanlıq ki, arxada qalan nə vardısa, hamısının çoxdannan, lap çoxdannan yanıb qurtardığından xəbər verirdi...
…İtin hürüşü də elə bil bu tüstü dumanının içində əriyib yoxa çıxırdı… getdikcə hansısa namılum, qaranlıq dərinliklərə çöküb itirdi...
...Nazir bir də qaranəfəs halda geriyə çöndü… və dəhşətdən az qaldı bağrı yarıla... Qatı tüstü dumanının içində, professorun itinin əvəzinə adam silueti görünürdü...
Sonra külək əsdi, ya nə oldusa, elə bil duman avazıdı və nazir, dumanın içindən xırda, tələsik addımlarla ardınca gələn professoru tanıdı... Professorun yerişi dəyişmişdi, qəribə solaxay addımlarla yeriyir, arada bir ayaq saxlayıb, divara qısılıb nazirin bədəninə üşütmə sala-sala ulayırdı…
…Hiss elədi ki, yeriməyə taqəti yoxdu... susuzluq və qorxu onsuz da xəstə bədənini haldan salıb... nazir bu fikirlərlə çöməlib yerə oturmaq istədisə də, yenə hansı möcüzəyləsə irəlilədiyini duyub duruxdu... Ha özünü yığıb-yığışdırmağa, ayaqlarını saxlamağa çalışdısa da, evlərin, ağacların arasıyla, asfaltın üstüylə sürüşə-sürüşə üzdü… arada bir elə bil yerdən bir barmaq yuxarı qalxıb dabanları yerə dəyə – dəyə uçdu da... uça-uça, üzə-üzə, sürüşə-sürüşə, nəfəsi kəsilə-kəsilə fikirləşirdi ki, işdi arxasınca ulaya – ulaya gələn professor gəlib axır ki, ona çatsaydı, neyləyəcəkdi?!. Pəncəsi əzilmiş itinin heyfini alacaqdı ondan, yoxsa dişlərini qıcıdıb, kürən itinin yerinə onu parçalayıb yeyəcəkdi?..
…Qabqadan yol sola burulurdu... Nazir tini dönəndə qəfildən necəsə, quru asfaltın üstüylə sürünməkdən gödəlib, sivrilib üzgəcə dönən ayaqlarını gördüsə də, ləngimədi.. qısa, şəffaf üzgəclərini tez-tez işlədə-işlədə, tövşüyə-tövşəyə özünü yaxındakı evin həyətinə saldı, açıq darvazanın arxasında gizlənib ürəyi çırpına-çırpına professorun buralardan uzaqlaşmağını gözlədi...
…Professor hürə-hürə, arada bir kişnəyə-kişnəyə, atıla-atıla həyətin qabağından ötüb harasa üzüaşağı getdi... Bir müddətdən sonra professorun hürüşü şəhərin o başında eşidildi, sonra itdi.
…Nazir nəfəsini dərib divarın dibinə söykəndi və bir müddət elə bil yuxuya getdi... ya huşunu itirdi?.. Sonra qəribə bir ağrıya ayıldı... Harasısa ağrıyırdı... bir müddət ağrının bədəninin hansı tərəfindən sızdığını dəqiqləşdirə bilmədi… sonra qollarını, ayaqlarını tərpədib üzgəclərinə baxdı... Sol üzgəci cod daşların üstü ilə sürünməkdən sivrilib qanamışdı, indi sümük yelpincə oxşar bu üzgəcinin bədəninə bitişdiyi yerdən az-az qan sızırdı…
…Çöldən-küçənin hansı tərəfindənsə asta danışıq səsləri eşidildi... danışan iki nəfər idi.
– …Olsa-olsa buralada olar, uzağa getməz... – birinci səs dedi.
– Bilmək olmaz... onun o gövdəsinə baxma.. lazım olsa, siçan deşiyinə də girər…
İkinci səs nazirin belini qırdı... Bu, üzüçapıqlının səsiydi… onu axtarırdılar...
Bədənini darvazanın ağır qapısının küncünə sıxıb nəfəsini saxladı... boynunu uzadıb darvazanın qabağından ötüb keçənlərin arxasınca baxdı… Üzüçapıqlı idi… bir ayağını çəkə-çəkə, dünənki iclasda civildəyən quşabənzər qarıyla danışa - danışa harasa üzüaşağı addımlayırdı...
...Sol üzgəcinin sızıltısından üzülə-üzülə yan-yörəsinə baxdı... bu yarıqaranlıq, yad həyətin şəhərin təxminən hansı məhəlləsində ola bilməsini müəyyənləşdirməyə çalışdısa da, alınmadı… sonra ümumiyyətlə yaddaşını silkələyib yadına, özünə aid nə isə salmağa çalışdısa da, yadına heç nə düşmədi... Elə bil başı ağ, dolğun buludlarla dolu idi... xatırlaya biləcəyi nə vardısa, buludların o üzündə idi… . ...Sonra nazir, uzun müddət qaçmaqdan yorulub ağırlaşan bədənini tərpədib dikəlmək, ayağa qalxıb yola düzəlmək istədisə də, qalxa bilmədi... baxıb gördü, sən demə, yerindən tərpənməyə mane olan, bədəninə pərçimlənib böyründə yatan şümal dərili quyruğudu... Sonra nazir özü də bilmədən neylədisə, quyruğu tərpəndi… yaxınındakı gölməçəyə dəyib şappıldadı... və bu şappıltıdan nazirin boğazının quruluğu bütün vücuduna yayıldı və nazir dil – dodağı susuzluqdan göynəyə-göynəyə başa düşdü ki, indi, bu dəqiqə bir yerdən su tapıb o sudan içməsə, üz-gözünü, bədənini islatmasa, öləcək…
Sonra hardansa nazirin qulağına su səsi gəldi... olsun ki, hardasa yaxınlıqda gölməçə vardı... odu ki, nazir üzgəclərini işə salıb, yaralı üzgəci göynəyə-göynəyə səs gələn tərəfə süründü... Süründükcə, suüun səsinə yaxınlaşdıqca fikirləşdi ki, bu dəqiqə bircə qurtum suya bütün dünyanı verərdi... Sonra ha fikirləşdisə də ki, nəyi verə bilərdi axı, tapa bilmədi… yadına heç nə düşmədi… bütün bədəniylə, toxumalarıyla anladı ki, olanı da qalanı da elə sudu… sonra sürünə-sürünə özü də bilmədən, qəribə bir yanğıyla fışıldadığını, quş səsinə oxşar əcayib səslər çıxardığını hiss elədi …
…Bir qədərdən sonra nazir nəhəng buludabənzər ağappaq, sopsoyuq dumanın içinə düşmüşdü… üzgəclərini tez-tez işlədə-işlədə su səsinə tərəf irəliləyirdi... bir qədər keçmişdi ki, əvvəl üzgəclərinin, sonra qarnının islandığını duydu… sevncdən, fərəhdən uçuna – uçuna, daha heç nə fikirləşmədən sürünüb özünü suya saldı…. Dərinə baş vurub bir müddət beləcə, bədəni suyun soyuqluğundan qıdıqlana - qıdıqldana üzdü… və bir qədərdən sonra xoş bir təəəccüblə anladı ki, sən demə, suyun altında rahatca nəfəs alır… başını sudan çıxarıb ətrafına baxdı… Hava işıqlanırdı... Bura parka, bulvara oxşar bir yer idi…
…Gölün kənarı sürüşkən dərili suitilərlə dolu idi... Suitilər böyürə-böyürə uzanıb, oturub qara, məhrəm gözləriylə dinməz-söyləməz ona baxırdılar… qara, tüklü burunlarını tərpədib, nazirin ürəyini oxşayan qəribə, doğma səslər çıxarırdılar...
...Nazir əvvəl bu suiti sürüsündən hürküb başını suyun altına soxdusa da, suitilərdən hansınınsa mərhəmət dolu baxışlarından diksindi… və ürəyi elə suyun altındaca kövrək döyüntülərlə döyününməyə başladı… Bu böyrü xallı suitini nazir elə bil çoxdan, lap çoxdan tanıyırdı… Qaragöz suitinin baxışlarından uçuna - uçuna fikirləşdi ki, necə olub ki, bu vaxtacan bu qaragöz, mehriban rəfiqəsini unudub?..
Çox keçmədi ki, suitilər ağır gövdələrini sürüyə-sürüyə bir-birinin ardınca gölə girdilər, yaxınına yığılışıb onu dövrəyə aldılar... suitilərdən biri – onun ətrafında hərlənib sürüşkən, isti bədəniylə onun kürəyini qıdıqladı... nazirin, bu vaxtacan duymadığı bu ləzzətli təmasdan içi qıdıqlandı… və o, heç nə fikirləşmədən suitinin ardınca dərinə baş vurdu... Xallı suiti gölün dibinə çatıb yuxarı üzdü və çevik hərəkətlə sıçrayıb gölün kənarına oturdu… Nazir də ağır bədənini quş çevikliyi ilə yuxarı atıb xallı suitinin yanında oturdu, böyür-böyürə ona yaxınlaşdı, quyruğunu onan quyruğuna toxundurub nəfəsini dərdi…
Gün artıq yuxarıda idi… Kölün ətrafına yığışan uşaqlar suitilərə peçenye atırdılar… Nazir peçenyeləri havadaca tutub yeyirdi. Arada bir bir –ikisini yanındakı rəfiqəsinə də ötürürdü…ıı
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
четверг, 1 ноября 2007 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий