Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

22 Октябрь 2007 г.

ÖLDÜRDÜLƏR



Fatma binanın girəcəyinə çatanda, əlindəkiləri yerə qoyub özü də üstündə oturdu. Bayaqdan bəri avtobusda gələ-gələ, hələ dünən gecə də, qatarın nəm yorğan-döşəyində yırğalana-yırğalana boğazını neçə dəfə qəhər tutmuşdusa da, ağlamağı gəlmişdisə də, özünü güclə saxlayıb ağlamamışdı. Bilirdi ki, ağlasaydı, Fəridə də ona baxıb ağlayacaqdı. Fəridə də ağlayanda, üz-gözü elə günə düşürdü ki, Fatmanın öz dərdi yadından çıxırdı, uşağı tələsik bağrına basıb ovudurdu, təki ağzı açılmasın, açılıb qulaqlarının dibinəcən yayılmasın, onsuz da iri burnunun pərəkləri enlənib bütün üzünü tutmasın. Amma, şəhərin mərkəzində, tünlük küçələrin arasında yerləşən çoxmərtəbəli, boz binanın girəcəyinə çatanda, özünü saxlaya bilmədi, dünən kənddə, əzilməsin deyə, bir-bir kağıza büküb səliqəylə böyür-böyürə, üst-ystə yığdığı armudla dolu səbəti girəcəyin ağzındaca yerə qoyub üstünə oturdu, Fəridə görməsin deyə, ləçəyini gözünün üstünə endirib səssiz-səssiz ağladı. Fəridə də ansına baxıb pilləkənin məhəccərinə qısıldı, dodağı büzüldü, ağlamağa hazırlaşırdı ki, Fatma cəld ayağa qalxıb üst-başını sahmana saldı, zənbilləri əlinə alıb uşağın çiynini dümsüklədi:
- Di yaxşı, sən də. – deyib, özü də zənbillərin ağırlığından ləngərləyə-ləngərləyə pillələri qalxmağa başladı. Qalxdıqca da, hər mərtəbədə ayaq saxlayıb qapıların nömrələrini, üstündəki yazfları oxudu. Rəngbərəng qapıların heç birinin arxasından səs-səmir gəlmirdi. Elə bil heç birinin o üzündə adam yaşamırdı.
Camaat yatırdı, nədi?.. – Fatma fikirləşdi, sonra bunu təsəvürrünə də gətirdi. Qapıların o üzündə, bərbəzəkli otaqlarda, ipək üzlü yumşaq yorğan-döşəklərdə rahat, qayğısız üzlərlə yatan şəhər adamları yuxu görürdülər. Odu ki, indi burda, həmin bu binada oyaq olan, bircə Fəridə ilə o idi. Əslinə qalanda, hələ dünənki gecədən oyaq idi, şəhərə gətirəcəyi sovqatları yığıb sahmana salandan bəri gözünə yuxu getməmişdi.
Axırıncı mərtəbəyə çatanda, Fatma əlindəkiləri yerə qoyub, ağ rəngli qapının üstündəki yazını oxudu. Qapının yuxarı hissəsində qızılı hərflərlə yazılmışdı:
«Mənzil 124 Xəlilov R. A».
Başıyla qapıya işərə eləyib:
- Buradı. – dedi.
Fəridə barmaqlarının uclarına qalxıb, zəngə sarı dartınanda isə, uşağı geriyə itələyib astaca:
- Dinc dur!.. Şəhərdə bu vaxt yuxudan durmurlar. – dedi, sonra qulağını qapıya söykədi.
İçəri sakit idi. Hardasa elə bil su damcılayırdı.
Əyilib açar deşiyindən içəri baxdısa da, girəcəyin qaranlığından, heç nə görə bidlmədi. Açar deşiyindən evin, şirniyyatla, təzə çəkmə iyi ilə qarşıq isti havası axırdı.
Yükləri ayağıyla divarın dibinə itələyib üstünə oturdu, Fəridəyə:
- Otur, gözləyək. İndi girsək, ayıb olar. Deyərlər, səhərin gözü açılmamış özlərini yetirdilər. – dedi.
Fəridə zənbillərdən birinin üstünə oturub boğcasını qucağına aldı.
Boğcanın içində Fəridənin çəhrayı paltarı, qardaşının, hələ ötən il Bakıdan alıb gətirdiyi təzə, boz məstlər, bir də xırda-xuruş - saç sancaqları və lentləri vardı. Bunları Fəridə, Sona xalasıgildə qalacağı günlər geyinməkdən ötrü özü ilə kənddən gətirib gəlmişdi.
Çox keçmədi ki, üzbəüz qapının o biri üzündən ara-sıra səslər eşidilməyə başladı, kimsə öskürdü, sonra qapı qəfildən xırçıldayıb açıldı və içəridən, orta yaşlı bir kişi ilə, məktəbli forması geymiş bir cüt qız çıxdı. Hər üçü, deyəsən isti yeməkdən pörtüb qızarmışdı. Qızlar da, kişi də təəccüblə Fatmayla Fəridəyə, sonra da altlarındakı iri zənbillərə baxdılar. Qızlar Fəridə ilə həmyaş olardı, hər ikisinin saçları tarım yığılmışdı.
Qızlardan biri pilləkənləri düşə-düşə çönüb Fəridəyə dil göstərdi və bundan Fəridəni ağlamaq tutdu, dodağını dişləyib anasına baxdı.
Anası oturduğu yerdə qulağını ağ qapıya dirəyib içəri elə diqqət kəsilmişdi, elə bil bu dəqiqə qapının o tərəfində nə isə baş verməli idi.
Çox keçmədi ki, ağ qapının da o üzündən yumşaq addım səsələri eşidilməyə başladı. Sonra hansı otağınsa qapısı cırıldadı və Fatma ürəklənib cəld ayağa qalxdı, barmaqlarıının ucuyla qapını asta-asta taqqıldatdı.
Qapını Sona xanım açdı, bir müddüt uzun, çəhrayı gecəköynəyində, saçları çiyninə dağılmış halda qapının ağzında dayanıb Fatmanın üzünə elə baxdı, elə bil Fatmanı ömründə birinci dəfə görürdü. Sonra yuxudan ayılmış kimi, qaşlarını qaldırıb:
- Bıy?!.. – dedi. - Xoş gəlmisən, ay Fatma. Nə əcəb səndən?! Xeyir ola?!..
Əmiqızının bu sözləri Fatmanı qapının ağzındaca kövrəltdi. Fatma dinib danışmadan ağlamsınıb, divar dibinə yığdığı zənbilləri bir-bir içəri yığmağa başladı. Hamısını yığıb qurtarandan sonra əmiqızıyla öpüşüb görüşdü.
- Xeyir döyül, ay Sona. - deyib bu dəfə gözünün yaşını axıtdı.
- Nolub genə? Ərinnən küsübsən?
- Yox əşşi, ərim-yazıq neçə vaxtdı yorğan-döşəkdədi. – Fatma dedi, sonra dəhlizin divarına söykənib nəfəsi ağır-ağır dərə-dərə – Xasayı tutublar. – dedi və öz dediyindən bir az da təsirləndi, gözünün yaşı sel kimi boyun-boğazına axdı.
- Bıy?! Nə vaxt, nə üstə?
- Mən başıdaşlının havaxt günü olub ki, indi də ola?! Dedim…
- Mənə bax e, səni görüb elə çaşdım, içəri də keçirməyi unutdum. Keç içəri. – Sona xanım dedi və Fatmanı içəri otağa keçirdi, orda xaraüzlü divana oturdub özü də yanında əyləşdi.
- Dedim, uşaqlar daha böyüyüb, bir az rahatlanaram. Bu da mənim rahatlığım… - Fatma deyib susdu.
Fəridə hələ də boğcası əlində, dəhlizdə dayanmışdı. Bilmirdi, o da içəri girməlidi, ya yox.
- Srağagün təmtərağnan, zurna-balabannan yola saldıq onu bura. Bu gün Minskə yola düşsəydi, əsgərliyə. Mənim ağlım olmadı, gərək kənddən adam qoşaydım ona. Uşaq ki uşaq…
Sona xanımın hövsələsi daraldı.
- Di yaxşı, de görüm, neyləyib axı bu Xasay?
- Biləcəridə… haman o yola salınan stansiyada kimnənsə sözü düşüb, savaşıb. Tutub salıblar milisyə. İndi… - Fatmanın, bu yerdə yenə gözləri doldu - Bu gün hamı çıxıb getdi...
- Hara?
- Minskə…
Sona xanım qaşlarını qaldırıb dəhlizə boylandı, orda Fəridənin ayaqları altında bir-birinə söykənən dolu zənbillərə baxdı.
Fatma da gözünün yaşını silib zənbillərə baxdı:
- O iri zənbildəki - armuddu, o birilər də, bir az balıqdı, bir az da kürü. – dedi, sonra ətəyinin pürçüklərini təmizləyə-təmizləyə rəng verib, rəng aldı. – Deyirəm, bəlkə Rəhti qardaş mənnən gedəydi. Ya heç olmaya, bir zəng vuraydı. Onun bircə zəngi…
Sona xanım çiyindərini çəkdi.
- Özün xasiyyətini bilirsən. İllah da belə cəncəl iş üçün, lap doğma oğlu ola, zəng vurmaz. Elə tərsdi ki.
Fatma içini çəkib dəhlizdə, boğcası qoltuğunda dayanan Fəridəyə, sonra da, hərəsi bir tərəfə əyilən zənbillərə baxdı.
- Deyirəm, bəlkə…
- Yox, əzizim, üz vurma. Bax, durub o boyda yolu gəlmisən, lap əcəb eləmisən, gözüm üstə yerin var. Amma bu barədə…
Fatma çiyninə sürüşən kəlağayısını başına dolayıb ayağa qalxdı, əlacsız halda:
- Nə deyirəm?.. – dedi, sonra Fəridəyə işırəylə - Onda qoysana, Fəridə sizdə otursun. Mən gedim, görüm neynirəm. Yalvarım-yaxarım, deyim doqquz uşaq anasıyam, ərim yataq xəstəsidi… Diz çöküb yalvarım… bəlkə buraxalar.
Fatma bunu deyib yenə səssizcə ağladı. Sona xanımın da gözləri doldu.
- Üzmə özünü, düzələr inşallah. Buraxarlar, Allahın köməkliyiylə.
Fatma gedəndən sonra Fəridə bir müddət də, boxçası qoltuğunda, dəhlizdəki zənbillərin arasında döyüküb qaldı.
Sona xanım Fatmanı yola salanda, ağızucu Fəridəyə: «Keç içəri, qızım, qapı ağzında niyə durmusan?..» - dedisə də, Fəridə yerindən tərpənmədi.
Sona xanım isə, qapının ağzına yığılan zənbillərə məhəl qoymadan, tələsik addımlarla evin o başına getdi, sonra deyəsən hamam girdi. Çünki bir müddət hamamdan suyun səsi gəldi. Sona xanım suyu şırıldada-şırıldada deyəsən, əl-üzünü yudu, ya da olsun ki, çimdi, ordan, başında iri dəsmal çıxıb, özünü yataq otağna saldı. Bir qədərdən sonra ordan, geyimli-kecimli, ətir saça-saça dəhlizə çıxdı, onu görüb təəccüblə:
- Orda niyə durmusan, a bala?.. Niyə içəri keçmirsən? - dedi - Özgə deyilsən ki?! Bizimkilər də indiyə durarlar. Keç, keç, utanma.
Sona xanımın bu sözləri də Fəridəni yerindən tərpətmədi. Fəridə boxçasını bərk-bərk qucağına sıxıb, üzünü divara çevrib dayandı.
Sona xanım içi sovqat dolu zənbilləri sürüyə-sürüyə mətbəxə apardı, ordan bir də, bu dəfə mehriban səslə:
– Bura gəl, qızım. Kömək elə, boşaldım bunları. – dedi.
Bir qədərdən sonra, Sona xanımın oğlu, gəlni və iki körpə nəvəsi yuxudan oyandılar. Uşaqlar, dəhlizə sıçrayıb otaqların arasıyla ayağıyalın o baş-bubaşa qaçdılar, sonra gəlib Fəridəylə üzbəüz dayandılar, barmaqlarını ağızlarına basıb dinməz-söyləməz ona baxdılar.
Fəridə uşaqların baxışlarından niyəsə pərt oldu, yerində qurcalanıb saçını düzəltdi, corabının yamağı görünməsin deyə ayaqlarını cütlədi.
Uşaqlar, anasının da, Sona xanımın da, o biri otaqlardan eşidilən çağırışlarına məhəl qoymadılar, barmaqlarının onunu da ağızlarına basıb maraqdan irilən bəbəklərdə Fəridəyə elə baxdılar, elə bil ömürlərində görmədikləri əcaib nəyəsə baxırdılar. Sonra qapısı dəhlizə açılan otaqların hansındansa cavan bir qadın çıxıb tələsik addımlarla Fəridənin üstünə yeridi, sonra ona gözünün ucuyla da baxmadan, elə bil ümumiyyətlə onu görmədən, hövsələsiz hərəkətlərlə uşaqların əlindən yapışıb sürüyə-sürüyə, ağzının içində deyinə-deyinə harasa mətbəxə sarı apardı.
Bir qədərdən sonra Fəridənin gəlişinə görə, ya evin gündəlik adəti üzrə, qonaq otağında təntənəli bir süfrə açılmışdı, çay dəsgahı düzəlmişdi. Süfrəyə, Fəridənin, ömründə görmədiyi qəribə peçenyelər, lülələri, hansısa quşların dimdiyini xatırladan balaca südqabılar, çaydanlar və sair düzülmüşdü.
Bütün bu «təmtəraqdan», ya bəlkə süfrənin arxasında, təntənəli üzlərlə oturanların baxışlarından, ya nədənsə, Fəridənin ürəyi bulandı, başını aşağı dikib uzun müddət əlini süfrəyə uzatmadı.
Sona xanım, üstünə şəkər tozu səpilmiş yelpincvari bulkaya yağ çəkib onun nimçəsinə qoydu, eynilə Fəridənin nəğmə müəlliminin təbiriylə:
- Ye, qızım utanma. – dedi - Burda kənar adam yoxdu.
Rəhim kişi çayı qaynar-qaynar başına çəkib pörtdü, Sona xanıma baxıb Fəridəyə işarəylə:
- O saat bilinir, şəhər uşağı döyül. Nə qalıbsa, kənddə qalıb. – dedi.
Fəridə əlini bulkaya uzatmadı, mədəsi, bulkanın dadlı qoxusundan sümrülə-sümrülə, gözünü yerə dikib gözlədi ki, hamı yeyib qurtarsın.
Səhər yeməyindən sonra, Rəhim kişi kök, yumşaq əliylə Fəridənin başını sığallayıb işə, uşaqların ata-anası isə, geyinib-kecinib, nə haqdasa mübahisə eləyə-eləyə harasa çıxıb getdilər. Sona xanım nəvələrini yedirib əl-üzlərini yudu, qonaq otağının döşəməsindəki xalçanın üstünə oturdub, qabaqlarına, o biri otaqdan gətirib gəldiyi bir torba oyuncaq səpdi, özü isə, olsun ki, nahar hazırlamaqdan ötrü mətbəxə getdi.
Sona xanım gedəndən sonra uşaqlar xalçanın tən ortasında dayanıb, yenə barmaqlarını sümürə-sümürə, matdım-matdım Fəridəyə baxdılar.
Uşaqların baxışlarından, ya ağzındakıları tələsik çeynədiyindən, sonuncu tikə Fəridənin boğazında qaldı, onu çeçədib öskürtdü. Əlini çay dolu fincana atmaq istəyəndə, uşaqlardan biri - yaşca bir qədər böyüyü göz qırpımında stola sarı diyirləndi, əl atıb Fəridənin fincanını götürdü, ağzına dirəyib içə-içə, içindəki çayı üstünə, döşəməyə dağıda-dağıda dəhlizə qaçdı. Fəridə, gözü uşağın ardınca baxa-baxa qaldı. Ayrı vaxt olsaydı, tikəsinə göz dikəni qamarlayıb elə döyərdi ki, doğma anası belə onu tanımazdı. Amma anasının, dünəndən bəri bütün yolu ona dönə-dönə tapşırdığı hər an qulağındaydı. Anası isə ona tapşırmışdı ki, özünü bu evdə tərbiyəli aparsın, cınqırını belə çıxarmasın, çünki bura kənd deyil, şəhərdi, şəhərdə isə hay-küyü sevmirlər.
…Arxadan kimsə lentini dartıb açdı. Bu da, o biri uşaq idi, Fəridənin lentini ağzına salıb çeynəyə-çeynəyə, üzündəki qələbə sevinci iilə geriyə çəkilirdi...
Fəridə əl atıb uşağı tutmaq istədi. Uşaq lentin hamısını ağzına basıb, xalçanın üstüylə pişik kimi o yaq-bu yana dığırlandı. Uşağın bu dığırlanmasından Fəridəni də gülmək tutdu, dizi üstə döşəməyə düşüb uşağı qıdıqlamağa, güldürüb, ağzındakı lenti çıxarmağa çalışdı. Bu vaxt uşağın o birisi də özünü yetirdi, özünü döşəməyə yıxıb araya girdi, qaqqıldayıb gülə-gülə Fəridənin boynunu qucaqladı.
Onların səsinə, dəhlizin o başından Sona xanım da gəlib çıxdı, yağlı əllərini havada saxlaya-saxlaya qapının ağzında dayanıb, bir müddət onların oyununa tamaşa elədi.
Nahardan sonra, Sona xanım qonaq otağının, xara üzlü yumşaq divanında Fəridə üçün yer saldı, uşaqları yatırtmaq üçün, qışqırdıb ağlada-ağlada o biri otağa apardı və bir müddət ordan, Fəridəylə oynamaqdan bir xeyli coşmuş uşaqların səsi eşidildi, sonra bütün evə sakitlik çökdü.
Hündür tavanlı, işıqlı qonaq otağına sükut çökdü. Fəridə divar saatının yeknəsəq çıqqıltıları altında soyunub, Sona xanımın, üstünə örtmək üçün divanın üstünə sərdiyi yumşaq tüklü, qəhvəyi adyalın altına girdi, amma yata bilmədi. Divanın yaşıl xaradan işlənmiş bərbəzəkli parçası ona, ötən yay tətildə, «Azərbaycan nağılları» kitabında oxuduğu nağıllardan təsəvvüründə qalan xanların, xəlifələrin saraylarını andırdı. Sonra əllərini başının altında daraqlayıb tavana baxa-baxa anası haqqında fikirləşdi və anasına yazığı gəldi. Anası, olsun ki, heç vaxt belə yumşaq divanda, bu cür yumşaq tüklü adyalın altında yatmamışdı. Heç bayaqkı süfrəyə düzülənləri də, olsun ki, anası ömrü boyu dadmamışdı. Ya bəlkə dadmışdı, o bilmirdi?!..
Köksünü ötürüb fikirləşdi ki, ansı indi küçələrə düşüb, tanımadığı bu şəhərdə Xasayı axtarır. Görən Xasay hardadı?.. Dünən Xasayın tutulmaq xəbərini alanda, böyük bacısının qırmızısifət əri qəribə bir ədayla:
- Kitabı bağlandı tay, Xasayın. Şəhər yerində milisdən qurtarmaq - müşkül məsələdi. – demişdi.
O elə deyəndə, anası qəfildən hönkürüb elə ağlamışdı, qorxudan Fəridənin dizləri tutulmuşdu. Özü isə ağlamamışdı, özünü tox tutub, dinməz-söyləməz bu qırmızı, pis adamın gözünün içinə baxmışdı.
…Divar saatının zənginə dik atıldı. Saat dördün yarısı idi. Çöldə möhkəm külək qalxmışdı deyəsən, bağlı pəncərələrin kip çərçivələrindən də olsa, asta vıyıltıyla içəri dolub pərdələri yellədirdi.
Fəridə ayağa qalxıb, başmaqlarını geyinmədən, yalın ayaqlarını döşəməyə ehmal-ehmal basa-basa pəncərəyə yaxınlaşdı, ordan küçələrə baxdı.
Yağış yağırdı. Səkilərdə tək-tük gözə dəyən adamlar üzlərini yaxalıqlarının arasında gizlədə-gizlədə, tələsik addımlarla o yan-bu yana qaçışırdılar.
Şəhərin, pəncərədən görünən bir hissəsinə – boz domino daşları kimi böyür-böyürə düzülən binalarına baxa-baxa fikirləşdi ki, görən anası indi hardadı, küçədədi, yoxsa bu binalardan hansı birininsə içindədi?.. Sonra Xasayı düşündü və ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bəlkə Xasay da hardasa buralarda – xırda, qaranlıq pəncərələrini qorxünc gözlər kimi ona zilləyən bu binaların birindədi?..
Bunu fikirləşdikcə, ayaqları üşüdü, pəncərənin qabağından çəkilib divana qayıtdı, uzanıb adyalı başına çəkdi və ürəyi çırpına-çırpına fikirləşdi ki, axı anası niyə bu qədər yubandı?.. Bəlkə anasını da milislər tutub?.. Tutub Xasayın yanına salıblar?.. Sonra bunu gözünün qabağına da gətirdi. Necə, üzü tüklü, köynəyi çirkli Xasayla, saçları çiyinlərinə dağılmış gözüyaşlı anası, yarıqaranlıq zindanın yoğun dəmirlərinə sarılıb inləyə-inləyə kimlərəsə yalvarırlar…
Külək pəncərənin nəfəsliyini taqqıldatdıqca, Fəridəni ağlamaq tuturdu, üzünü balışa basıb hönkür-hönkür ağlamaqdan özünü güclə saxlayırdı. Anası həmişə deyirdi ki, ağlayanda, üzü pis günə düşür, onsuz da yekə ağzı böyüyüb az qala qulaqlarının dibinə çatır, burnu tuluqlanıb armuda dönür, qızartısı saatlarla çəkilmək bilmir.
…Yataq otağının qapısı cırıldayıb açıldı. Uşaqlar bir-birini itələyə-itələyə içəri girib yalın ayaqlarıyla qonaq otağının qapısı ağzında dayandılar. Sonra Sona xanım gəldi, uşaqların əlindən tutub, ədəb-ərkanla o biri otağa, körpələri geyindirməyə apardı.
Olsun ki, onu yuxu aparmışdı. – Fəridə yuxulu gözlərlə dörd bir yanına baxa-baxa fikirləşdi. Bütün gecəni plaskart vaqonun, dəmir kimi soyuq və bərk rəfində dingildəyə-dingildəyə, hər beş dəqiqədən bir ləngər vurub, nəhəng camış kimi fısaldayan vaqonun səsinə diksinib ayıla-ayıla yatdığından, divanın isti yumşaqlığında yuxuya nə vaxt getdiyini hiss eləməmişdi.
Uşaqların hansı birisə özünü dəhlizin döşəməsinə çırpıb, əti kəsilmiş kimi, yanıqlı-yanıqlı ağlamağa başladı. Uşağın səsindən, ya havanın qəfil qaranlmasından, Fəridənin ürəyinə anasıyla və Xasayla bağlı pis-pis şeylər damdı. Dəhlizdə balaca çaqqal kimi pis-pis ulayan uşağın səsi də, pəncərələri dörd bir yandan kip qapalı bu ev də, haranısa qapı kimi tıqqıldadan külək də, bu axşam Fəridəyə yaxınlaşmaqda olan qorxulu və təhlükəli nədənsə xəbər verirdilər…
Ayağa qalxıb tələm-tələsik geyindi, pəncərənin qabağına qaçıb, şəhərə baxdı.
Hava qaralmışdı, külək bir az dagüclənmişdi, indi nəfəsliklə bərəbər, pəncərənin çərçivəsini laxlada-laxlada qorxunc-qorxunc uğuldayırdı... Bayaq günorta nəhəng, boz qəbirə oxşayana üzbəüz binanın xırda pəncərələrində işıqlar yanırdı, binanın qayğısız sakinləri ailələri ilə birlikdə bu işıqlı, isti evlərdə oturub çay içirdilər, çörək yeyirdilər... Fatmadan isə hələ də xəbər yox idi.
Çox keçmədi ki, Rəhim kişi də işdən qayıtdı, uşaqların ata-ansı da gəldi, otaqların işıqlarını yandırıb yenə nə haqdasa mübahisə elədilər. Sonra Sona xanım önlüyünü döşünə bağlayıb, qonaq otağının dəyirmi stoluna qab-qacaq düzdü, toyuq qızartması ilə düyü, bir də, çini şorba qabında isti dovğa gətirib qoydu. Hamı süfrə başına yığılıb yeməyə başlayanda, Fəridəni ağlamaq tutdu.
Yediyi tikə Rəhim kişinin boğazında qaldı:
- A bala, sənə noldu?.. – deyib niyəsə Fəridənin yox, Sona xanımın üzünə baxdı.
Fəridənin qəhərindən Sona xanım da çaşdı, günah dolu üzüylə ərinə, uşaqlarına, sonra Fəridəyə baxıb:
- Balamsan, noldu sənə? – dedisə də, Fəridə əlini süfrəyə uzatmadı, üstəlik, Sona xanımın məhrəm səslə dediyi bu sözdən bir az da tutuldu.
Hamı yeməyini saxlayıb pərt-pərt bir-birinin üzünə baxdı.
Fəridə başını aşağı dikib altdan-altdan anasının, dünən axşamüstü, bir-bir köhnə qəzet parçalarına büküb səliqəylə zənbilin dibinə yığdığı, indi isə süfrənin tən ortasında, ağ, çini meyvəqabında saralan armudlara baxdıqca, dodaqlarını bir-birinə pərçimləyib boğazına dolan qəhərini uda-uda, hönkürüb səsi gəldikcə ulamaqdan özünü güclə saxlayırdı.
Rəhim kişi, armudlardan birini nimçəyə dilimləyib Fəridənin qabağına qoydusa da, Fəridə başını qaldırmadı, yadına, müharibə filmlərində gördüyü dəhşətli mənzərələri saldı ki, təki ağlamasın, təki anası deyən kimi, «onsuz da yekə ağzı qulaqlarınacan yayılmasın.»
- Anan indi harda olsa, gələcək. – Sona xanım Fəridənin çəngəliylə armud dilimlərindən birini götürüb onun ağzına uzatdısa da, Fəridə nə armuda, nə də Sona xanıma məhəl qoymadı.
- İşin olmasın, özü yeyəcək. - Rəhim kişi ehmalca deyib ayağa qalxdı, keçib küncdəki televizorla üzbəüz kresloda oturdu.
Fəridə bütün axşamı başını qaldırmadı. Şam yeməyi bitib başa çatandan sonra da, süfrə yığılıb, hərə öz otağına dağılışanda da yerindən tərpənmədi. Hamının başı özünə qarışıb, fikri ondan yayınanda sonra ayağa qalxıb yenə pəncərənin qabağına keçdi, orda qalın, məxmər pərdənin arxasında gizlənərək qaranlıq küçəyə baxdı. Soyuqdan, ya küləyin göyə üfürdüyü tozanaqdan, küçədə gözə adam dəymirdi. Səkilərin kənarları boyu, küləyin müqavimətindən uzun, budaqsız ağaclar kimi yellənib az qala göklərindən qopmaq istəyən işıq dirəklərinə baxdıqca, fikirləşdi ki, işdi, anası bu gecə qayıdıb gəlməsə, demək daha gəlməyəcək. O da ömrünün axırınacan bu gur işıqlı, yad evdə qalacaq. Çox olsun ki, anası onu bu evə elə bundan btrü, Xasayı axtarmaq bəhanəsiylə, əslində isə onu bu adamlara birdəfəlik təhvil verməkdən ötrü gətirmişdi. Özü demiş, «uşaqların yavannığını çatdıra bilmədiyindən» onu başından beləcə əkmişdi, Sona əmiqızısına tapşırıb birdəfəlik çıxıb kəndə getmişdi. Anası ötən il ondan böyük bacısını da beləcə şəhərə gətirib, böyük vəzifədə işləyən əmiuşaqlarından hansınınsa evində qoymuşdu.
Bu fikirdən, Fəridə balaca ürəyinin, yarpaq kimi titrəyib əsdiyini hiss elədi.
Demək bu gündən etibarən o, bu evdə yaşayacaqdı. Səhərlər – üstü şəkərli bulkalar, axşamlar - qızardılmış toyuq yeyəcəkdi, günortalar xara üzlü divanda, qonaq otağının divar saatının ürəksıxan çaqqıltılarına qulaq asa-asa yatacaqdı…
Bayaqdan bir neçə dəfə boğazının yoluna dirənib nəfəsini saxlayan qəhəri qəfildən necəsə ağzına doldu, səsi çıxmasın deyə, hər iki əlini ağzına basdısa da, ağlamağını saxlaya bilmədi. Çönüb pərdənin arxasından otağın içinə, aralıqdan görünən meşin üzlü çöl qapısına baxdı. Fatma həmin bu qapıdan gəlməliydi. İçi yumşaq, qara meşindən sırınmış adamboylu qapıdan isə elə bil daş asılmışdı…
Pərdənin arxasında dayana-dayana bir müddət beləcə, səssiz-səssiz ağladı, sonra gözlərinin yaşını silib sakitcə dayandı.
Qəfildən uşaqlardan hansısa dəhlizdən güllə kimi içəri atıldı, özünü pəncərəyə çatdırıb Fəridənin ayaqlarına sarıldı, balaca canavar kimi mırıldaya-mırıldaya üstünə dırmaşıb başını Fəridinin qoltuğuna soxdu. Çox keçmədi ki, o biri uşaq da gəlib altadan yuxarı ətəyini didişdirməyə başladı, küçük kimi zingildədi.
Fəridə yerindən tərpənmədi, daha dizi üstə döşəməyə düşüb dovşan kimi iməkləmədi. Uşaqlar onun tərpənmədiyini görüb, saçlarından dartdılar, hansı birisə balaca, iti dişlərini biləyinin ətinə keçirib gücü gəldikcə elə sıxdı, Fəridənin ağrıdan gözləri yaşardı.
Fəridə istəsəydi, bircə şapalağıyla uşaqların ikisini də yerə aşırardı. Amma tərpənmirdi. Uşaqların balaca yumruqlarına, iti dırnaqlarına davam gətirməkdən ötrü dişlərini bir-birinə sıxıb səbrlə nəyisə gözləyirdi. Həm də niyəsə istəyirdi uşaqlar onu döysünlər, qol-qıçını dişləyib qanını axıtsınldar, elə günə qoysunlar ki, anası, işdi qayıtsa əgər, onu tanımasın.
Uşaqlar da elə bil Fəridənin qəlbindəkiləri duymuşdular, saçlarını dişləriylə dartıb kökündən qoparırdılar, barmaqlarını gözünə soxub az qala bəbəklərini ovurdular.
Çox keçmədi ki, qonaq otağından yaylım atəşi kimi açılan çığırtıya bütün ev dik atıldı… Özlərini hövlnak qonaq otağına yetirən Sona xanımla Rəhim kişi gördükləri mənzərədən yerlərindəcə quruyub qaldılar.
Fəridə otağın ortasında dizi üstə oturmuşdu, ağzını göyə açıb, hansısa heyvanın səsini andıran qorxunc səslə ulayırdı... Uşaqlar bir qıraqda, əlləri ağızlarında döyüküb Fəridəyə baxırdılar.
Fəridənini ağzı, anası deyən kimi, bütün üzünə yayılmışdı, az qala qulaqlarına çatırdı… burnu yayılıb enlənmişdi, tuluqlanıb armudu xatırlatmağa başlamışdı…
Bu məqam çöl qapısının zəngi vuruldu. Gələn Xasayla Fatma idi, içəri girib, Fəridənin ağlamağına mat-məəttəl qaldılar. Fatmanı görəndə Fəridə bir az da yanıqlı-yanıqlı ağladı. Hıçqırıb nəfəsi kəsilə-kəsilə:
- Harda…sız sə…hər…dən?.. Mən..ni ödür…dü…lər!!! – deyib pis-pis zarıdı.
Fatma çönüb pərt-pərt əmisi qızına baxdı.
Sona xanımın da, Rəhim müəllimin də üzü elə idi, elə bil Fatma gedəndən bəri həqiqətən Fəridəni öldurməklə məşğul olmuşdular.