«Yeni Azərbaycan qəzeti»
28 yanvar 2006-cı il, şənbə
Səmimi söz də hiss kimidi, o, heç vaxt köhnəlmir…
Afaq Məsud: Yazıçı üçün çətin olan – bu dünyada görüb-anladıqlarını Öz Sözünün qəlibinə salmaqdır.
- Azərbaycanda qadın yazar olmaq nə deməkdir? Fikrinizcə, problemli sahə deyil ki?
- Azərbaycanda qadın-yazar olmaq, Fransada, yaxud uzaq Sibirdə qadın-yazar olmaqla eyni bir şeydi. Qadın-yazarı və eləcə də, yazar-kişini daim qarabaqara izləyən yazmaq niskilinin, içinə, daim ha yandansa tüstü kimi, duman kimi çökənləri yazıb qurtulmaq ehtiyacının, coğrafi ərazi baxımından bir o qədər də fərqi yoxdu. Bu gün Azərbaycanda, digər azad fikirli ölkələrdə olduğu kimi, nəşr olunmaq, məşhurlaşmaq problemi yoxdur. Problem – yazıçının özündədir. O, həqiqətən qələm sahibidirmi və duyub anladıqlarını kağıza köçürmək istəyirmi?.. Yoxsa, sadəcə, nəşr etdiyi kitabların siyahısını artırmaq üçün, gözə çarpan, kütlə marağına işləyən mövzu gəzir?!.. Böyük mənada Yazı yazmaq istəyən yazıçı üçün bu sahədə problem yoxdur. Görünən, duyulan, anlanan hər bir şeyi yazıya köçürmək, əslində yazıçı üçün, gündəlik gördüyü ən adi məişət xırdaçılıqlarını yerinə yetirmək qədər adi və asan bir işdir. Təki, həmin o görüb-anladıqlarını Öz Sözünün qəlibinə sala bilsin.
Yazıçının digər problemi və ən ənənəvisi – cəmiyyətlə münasibət qurmaq məcburiyyətində qaldığı məqamlardır. Bu məqamın qadın-yazarlar üçün bir cür, kişi-yazar üçün başqa cür çətinlikləri var. Qadın yazar, ailəsinə «soyuq», «laqeyd» münasibətinə, daim «hansısa xəyallarda yaşamağına görə» ailə üzvlərinin haqlı iddialarına tuş gəlirsə, kişi-yazar – «qaraladığı» bu «lazımsız cızma-qaralar»la dolandıra bilmədiyi narazı ailəsinin qınaq obyekti olmaqdan yaxa qurtara bilmir. Və bu, təkcə Azərbaycanda belə deyil. Taleyini sənətlə, ədəbiyyatla bağlayan yaradıcı insanların vəziyyəti Yer üzünün hər nöqtəsində eynidir. Və düşünürəm buna, «sənətkarın faciəsi» kimi yox, təbii hal kimi baxmaq lazımdı. Yol kənarında əkilən soyuğa davamsız, sütül ağacların, soyuq qasırğalara sinə gərə-gərə, əyilib üyülə-üyülə özünü yaşatmağına baxdığımız kimi.
- Dünya ədəbiyyatında qadın yazar olaraq, ən çox önəm verdiyiniz, üzərində dayana biləcəyiniz qadın yazar varmı və o kimdir?
- Düzünü desəm, ən çox önəm verdiyim qadın-yazar yoxdur. Mənim sevdiyim yazıçılar əsasən kişilərdi. İlk növbədə bu, Dostoyevskidir. Sonra – Çexov, Markes, Hamsun, Kafka, Borxes və Kortasar, siyahını xeyli uzatmaq olar… Şairələr isə var. Sözsüz ki, Marina Svetayeva, Anna Axmatova, «Xəzər» jurnalının yaxın nömrələrində verdiyimiz, nobelçi Vislava Şimborska…
Lakin, bunu da deməyi özümə borc bilirəm ki, «sevimli» olmasalar da, mənim, ciddi yazıçı saydığım qadın-yazarlar az deyil. Bu, ilk növbədə ingilis Virciniya Vulfdur. Avstriyalı İnqeborq Baxman, həmin Elfrida Yelinek və digərləri. Və sözsüz ki, Aqata Kristi. Detektivi sevməsəm də, bu heyrətamiz qadını, qəribə, mistik bir görümlə, yaratdığı diri obrazlarının, tilsim dolu situasiyaların arasından görürəm. Aqata Kristi detektiv yazıçısı hesab olunsa da, mən onu Dostoyevskinin üslubunda – mistik-psixoloji detektiv yazarı kimi qəbul edirəm. Bax, burda, bəlkə də deyə bilərəm ki, dediyiniz o «önəm verdiyim» qadın - yazar – Aqata Kristidir.
- Sizcə, çağdaş dünyanın, o cümlədən Azərbaycanın yazarı nəyi yazmamalıdır?
- Nə gözəl sualdır?!. Çexov demişkən: «Yazıçı ilk növbədə nəyi yazmağı yox, nəyi yazmamağı bilməlidi…»
Bu, o qədər geniş bir mövzudu ki, burda qısaca, konkret cavabla kifayətlənmək mümkün deyil. Bu, bir növ, unudulmaz Raykinin: «Mənə o arayışı verin ki, o arayış, sizin, dünyanın heç bir qadınıyla kəbinli olmadığınızı sübuta yetirsin.» - deməyini xatırladır. Çalışım, qısaca deyim.
Elə bilirəm ki, ilk növbədə, yazıçı – duymadığını, yaşamadığını yazmamalıdı; o səbəbdən ki, Söz – saxtalığı və quramalığı sevmir;
ikinci: o, - yazılmasını lüzumlu hesab etmədiyi, lakin naşı oxucunu anlatmaq üçün təfərrüatçılığa varıb köməkçi vasitə kimi yazdıqlarını yazmamalıdı; o səbəbdən ki, səmimi Söz. istənilən halda, ən naşı oxucunun belə şüuraltı yaddaşına yol tapır və orda öz işini görür;
üçüncü: yazıçı – hamının görüb-anladığı «həllolunmaz» problemlərdən – insanların, gündəlik həyatlarında yaşadıqları ucuz, melodramatik, bəzənsə, məişət səviyyəsinə endirilmiş «gözyaşardan faciələrindən» yazmamalıdı; o səbəbdən ki, bu növ ədəbiyyatlar insan ruhu üçün qidasızdır;
dördüncü: o – zamana, dövrə işləyən – yəni, bu günün «problemlərini həll edən» ədəbiyyatı yazmamalıdı. Ən azı ona görə ki, bu problemlərlə məşğul olan bütöv bir sahə var – jurnalistika;
beşinci: o – kütləvi tələbata işləyən ədəbiyyatı yazmamalıdı. İlk öncə o səbəbdən ki, kütləvi ədəbiyyat – yəni kütlənin seçib-sevdiyi, asan anlaşılan ədəbiyyat, kütləni olduğu səviyyəsində qalmağına kökləməkdən savayı, ayrı heç bir şeyə xidmət etməyəcək. Bu sahə ilə də, yəni «belletristika biznesi» ilə məşğul olan kifayət qədər insanlar və təşkilatlar var.
Yazıçının daha nələri yazmamalı olduğunun siyahısını, ədəbi mətbəxə aid olan səbəblər üzrə sonsuzluğa qədər uzatmaq olar. Amma bu «nəyi yazmamaq» adlı nəhəng və görünməz keçiddən, bütün bu tövsiyyələrsiz və xatasız ötüşməkdən ötrü, elə bilirəm, ən yaxşı vasitə - yazıçının mümkün qədər az və ehtiyatla yazmağa kökləməsidi.
- Hal-hazırda nə üzərində işləyirsiniz? Və bir zamanlar yazdıqlarınız indi sizə köhnəlmiş görünmür ki?
- Mən daim işləyirəm. Fasiləm, yaxud «ilham pəri»sinin gəlişini» gözlədiyim dinclik dövrlərim, demək olar ki, olmur. İndi növbəti bir pyes üzərində işləyirəm. Bu, mənim, sayca üçüncü pyesimdir. Son illər səhnə əsərlərinə məndə yaranan bu xəstəhal marağın nə ilə bitəcəyi bəzən məni qorxudur. Bəzən mənə elə gəlir ki, səhnəyə duyduğum bu maraq məni, otuz illik ömrümü həsr etdiyim nəsrimdən ayıracaq, ya nə isə daha ağır bir sonluqla nəticələeəcək. Bu pyes – özlərini, cəmiyyətin, ya bəlkə də özlərinin özləri üçün töküb möhürlədikləri darısqal qəlibə salan və çıxılmaz, havasız adanı andıran bu görünməz qəlibdən heç cür qurtula bilməyən ər-arvadın həyatından bəhs edən mistik bir əsərdir. Bir roman üzərində də işləyirəm. Bu, bioqrafik bir əsərdir. Mən, ümumiyyətlə, özümdən yazmağı çox sevirəm və bu baxımdan, elə bilirəm mən Azərbaycanda özü haqqında yazan yeganə yazıçıyam. Mərkəzin və jurnalın işləri, tərcüməsindən xüsusi zövq aldığım qədim sufi mətnləri, yaradıcılıqla məşğul olmağa çox az vaxt saxlayır. Bu, bir tərəfdən məni sevindirir. Yazı da, insan kimidi, onunla daim ünsiyyətdə olmaq – insanı çaşdırır, azdırır və çox vaxt da bezdirir. Bir də mən yazılarımı, çox vaxt, hələ kağıza köçürənəcən, özümdə gəzdirməkdən, qəribə bir zövq alıram. Bu yazıların, məndə qaldıqca, yetirilməyə qoyulan çaxır kimi tündləşdiyini, yeni-yeni ecazkar qoxular kəsb etməyə başladığını duyuram.
O ki qaldı, əvvəlki yazılarımın köhnəlməyinə, yazdıqlarımdan hələ ki, heç biri mənə köhnə görünmür. 20 yaşımda yazdığım «Bekar» hekayəsini, yaxud 24 yaşımda yazdığım «Yataqxana» hekayəsini, yaxud 29 yaşımda yazdığım «Dovşanın ölümü» və «Sərçələr» hekayəsini, mən məmnuniyyətlə son kitablarıma daxil eləmişəm və elə bilirəm, səmimi söz də hiss kimidi, o, heç vaxt köhnəlmir…
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:13
Комментариев нет:
Отправить комментарий