DUYĞULAR İMPERİYASI
Bu yaxınlarda, nəzəriyyələrini tərcümə etdiyim qədim Roma filosofu Akvinolu Fomanın, mənim “İmperiyam”- la bağlı dediyi dahiyanə bir fikrə rast gəldim:
“İnsan - şüurla qavradıqlarının fövqündə duran daha nələrisə duyğularının köməyi ilə anlaya bilər…
Duyğular - dünyanın yaranma səbəblərini açmasa da, onlarda İlahinin izləri var...”
FİKİR İLĞIMI
Elə duyğular var ki, onlar, daim balaca ilğımlar kimi ətrafımda dolaşır, arada bir, zəif mehin havayla axıtdığı yüngül toz dənəcikləri kimi, hardasa başımın, qulağımın ətrafıyla üzür… hansısa hərəkətimdən titrəyib yanağıma toxunur… sonra yenə yüngül, dalğavari rəqslərlə harasa havaya dağılırlar...
TİTRƏTMƏ
…Yaxın bayram günlərində ziyarətə getdiyim qəbiristanlıqda gözümə sataşan başdaşılarına həkk olunmuş saysız-hesabsız üzlər qəfildən mənə tanış gəldi… Mən qəribə, anlaşılmaz bir xofla, bu üzlərin - hər gün küçələrdə, dayanacaqlarda, ən yaxın doğmalarımın arasında dönə-dönə rast gəldiyim həmin o diri insanlar olduğunu anladım…
…Əsəbi, arıq kişilər… çənəsi xallı məsum qızlar… peşman üzlü, yorğun qadınlar… qızıma, oğluma, ərimə oxşayan mərhumlar...
...Bircə öz üzümü tapa bilmədım bu üzlər arasında...
QURTULUŞ
Uzun illər darısqal tənhalıqla, çıxılmaz təkliklə üzbəüz qalmağın xofundan, dörd bir yanımı övladlarımla, yazılarıma doldura-doldura, hansısa anlaşılmaz çıxılmazlıqlardan, qorxulardan qorunduğum günlərin birində, sakit mənzilimin qaranlıq, kimsəsiz yataq otağında tənha gecələməli olduğum zaman, tək olmadığımı… məni Özündə - yaxasında, yumşaq, məhrəm ağuşunda saxlayan Nəyinsə, Kiminsə bir hissəsi, ya bəlkə, Özü olduğunu duydum… və yaşadığım evin, əslində, bu yarıqaranlıq, çoxotaqlı mənzil yox, üstündə yatdığım divarsız, tavansız çarpayı olduğunu anladım…
MÜQƏDDƏS KƏLAMIN SİRRLƏRİNDƏN
Neçə müddətdi ki, illərdən bəri dönə-dönə, cümləbəcümlə, sözbəsöz oxuyub özümdə saxlamağa, yaddaşıma oturtmağa çalışdığım müqəddəs Quranın, mütaliə bitib başa çatdıqdan, kitab örtülüb rəfinə qoyulduqdan sonra yaddaşımda heç nə saxlamadığının, mütaliə vaxtı duyğularımı oyadıb, ruhumu titrədən sehrli sətirlərin, şüurumda, hafizəmdə heç bir iz buraxmadığının heyrətindən sarsılırdım… Bu ilahi Yazının yaddaşımda – səmanın və dənizlərin, ucsuz-bucaqsız meşələrin və səhraların lal, ecazkar ənginliklərini xatırladan, nisgil və doğmalıq dolu məhrəm ənginliyindən savayı heç nə saxlamaması, məni qəribə, asılı vəziyyətdə saxlayırdı...
Kitabı günlərlə, aylarla hissə-hissə - hər cümləsini ürəyimdə dönə-dönə təkrarlaya-təkrarlaya, hər fikri, hər sözü beynimə az qala sancaqlaya-sancaqlaya oxuyur, oxuduqca qəribə, izaholunmaz sərxoşluğa düşür, qatlayıb kənara qoyduqdan sonra özümdə, mənasını dərk edə bilmədiyim anlaşılmaz dəyişikliklər, yeni-yeni yaranmalar, açılışlar duyur, lakin, bu dəyişiklikləri, yaranmaları yaradan fikri, sözü dəqiqləşdirə bilmirdim…
Əlacsız qalıb son çıxış yoluna - mütaliənin ən sınanmış növünə, tərcüməyə əl atdım. Kitabı qarşıma qoyub ilk cümlələrindən bir neçəsini, («Koran»; tərcümə - Q.S.Sablukov, 1897-ci il) anladığım şəkildə tərcümə edib vərəqə köçürdüm:
«Bu yazı sözsüz ki, safqəlblilərə Yolu göstərmək üçündü, olmayanı görənlər üçün, dua oxuyub, Bizim onlara verdiklərimizdən verənlər üçündü, sahibi olduqları hər bir şeyin, onlara da, onlardan əvvəl olanlara da, yuxarıdan verildiyinə inanan, gələcək həyatlarını inamla gözləyənlər üçündü…»
…Yazdıqca, sözbəsöz «özümünküləşdirdiyim» bu sirli mətnin mənə addımbaaddım yaxınlaşdığını, nə iləsə, necəsə mənə oxşamağa başladığını hiss etdim… Bir qədər sonra, ilk baxışda, sanki elə bir dərin mənası, fəlsəfi yükü olmayan sadə cümlələr, insan mahiyyəti və mövcudluq barədə «məlum» informasiyalar gəlirdi… Lakin, çox keçmədi ki, «özümünküləşdirməklə» məşğul olduğum bu «sadə» və «məlum» informasiyaların məni haldan-hala saldığını, qəribə və izaholunmaz nisgil eyforiyasına saldığını anlayıb əl saxladım…
…Bu minvalla mən müqəddəs Kitabın kiçicik bir hissəsini tərcümə etdim və çox keçmədi ki, bu «özümünküləşdirmə əməliyyatının» da heç bir nəticə vermədiyini anladım. Fikirlər, sözlər tərcümədə öz şəklini və mahiyyətini saxlamışdısa da, hafizəmə oturmamışdı.
Lakin bir gün, necəsə, qəfidən mən, bu ilahi mətnin, əsil mahiyyətini, hardasa, gizlidə - şüurun, ağlın, məntiqin qüdrətsiz olduğu hansısa əlçatmaz duyğu dəhlizlərində saxldığını anladım… və bu mistik Yazının hansısa ayrı yaddaşa - şüurun qoruyub saxlamaq qüdrəti çatmadığı Duyğu Yaddaşına hopmaq qabiliyyətini kəşf etdim...
Bir neçə il bundan əvvəl, xırda məişət qayğıları zəminində itirdiyim, ovcumdan, yaddaşımdan, ətir qoxusunun uçqunluğu ilə küləklərə verdiyim bir hekayəm indiyə qədər məni rahat buraxmır…
Ömrünü yeyib-içməkdə, pul qazanıb var-dövlət artırmaqda keçirən bir tanışımın - üzü dünya nemətləri bolluğundan və həzzlərindən daim qayğısız, rahat təbəssümlə parıldayan, dolu bədənli, yenilməz iştahlı tibb fəlsəfəsi elmləri doktorunun, bizdə qonaq olduğu bürkülü bir yay axşamı şam arxasında mənimlə - dünyanın darısqal mövcudluq tələsində gərilən, arıqlayıb yuxusunu, tarazlığını itirən əsəbi bir yazıçı ilə bu tox professor arasında baş tutan təsadüfi, lakin taleyüklü söhbətin üstündə qurulmalı idi…
QATİL
(hekayə əvəzi)
… Professorun daim dünyadan razı, kök üzü o gecə gülümsəmirdi… Əksinə, solğun bənizi, sınıxmış vücudu, altı kölgəli gözlərinin donuq ifadəsi, bu rahat adamın daxilində nə vaxtdan bərisə işə düşmüş hansısa dağıdıcı, sirrli proseslərdən xəbər verirdi…
O axşam professor həmişəki məzəli lətifələrindən danışmadı, adəti üzrə iştahla girişdiyi, çəngəl-qaşığını bir kənara qoyub ətli barmaqlarını çevik-çevik işlədə-işlədə həzz dolu ləzzətlə yediyi sevimli xörəklərin içində həvəssiz-həvəssiz eşələndi...
Onun bu halının, yaxın günlərdə Həcc ziyarətindən qayıtması ilə əlaqədar olduğunu, biz yalnız bir qədər sonra - şam mərasimi bitib başa çatdıqda, süfrəyə çay gələndə və professor həsir kreslonun söykənəcəyinə dayaqlanıb, uzun, təfərrüatlı söhbətə hazırlaşan tək, kök qollarını qarnının üstə çarpazlayaraq, müqəddəs ziyarətdən söhbət açanda, bürkülü günlərlə, saatlarla pay-piyadə yol getməyin, məşhur Ərəfat dağına qalxmağının əziyyətlərindən danışanda anladıq...
Neçə illərdən bəri şəkərli diabetdən əziyyət çəkən bu alimdən, özünü bu sayaq əziyyətlərə qatlaşdırmağının səbəbini soruşanda, o, əvvəl qəribə, pərt bir sükutla susdu, sonra dindən, Qurandan danışıb, özünü müsəlman hesab edən hər bir kəsin Həcc ziyarətinə getməyə borclu olduğunu dedi.
Mən, həmin o «müsəlmaqçılığın» və «savabın», ziyarətə gedilmədən də, elə burda - gündəlik həyatında, əməldə, qəlbindəki niyyətlərlə də qazanıla biləcəyini bildirdimsə də, professorun bu barədə fikrini dəyişə bilmədim…
Bu minvalla ortaya, heç kimin gözləmədiyi, qəribə, mistik bir söhbət düşdü... Professorla bizim bu uzun-uzadı, zahirən dostyana mübahisəmiz gecədən xeyli keçənə qədər uzandıqca, ətrafa, mənası heç kimə bəlli olmayan sayıqlıq və ehtiyat dolu qəribə bir sakitlik çökdü… Gün boyu bağın içi ilə oynayan isti küləklər ha yanasa sivişib itdi. Göyün üzü göz qırpımında qaralıb tutqun ulduzlarla doldu.
Süfrə arxasında əyləşənlər - uşaqlarım, yoldaşım və professorla birgə bizə təşrif buyuran yaxın dostlarımız - hansısa çöl quşlarını xatırladan mehriban ər-arvad da, elə bil professorla mənim, danışa-danışa həlledici və möhtəşəm olan Nəyisə tərpətdiyimizi, hansısa görünməz, toxunulmaz səddlərə toxunduğumuzu duyub gərgin məsuliyyət dolu sükutla susdular. Sonra hardansa süfrəmizə iri bir cırcırama qondu, nəlbəkilərdən birinin kənarına oturub qara, muncuq gözlərini professora zillədi...
…Professor pərt idi... Asta səslə, aramla dini ehramlardan, ziyarətin savabından danışsa da, həm də elə bil nədəsə, necəsə, hansısa böyük və bağışlanmaz səhvə yol verdiyini, hansısa keçilməz, yasaq qadağalara toxunduğunu anlamışdı... Ziyarət boyu çəkdiyi ağlasığmaz əziyyətlərə görə, özünə haqq qazandırmağa çalışsa da, hansısa həlledici sual qarşısında aciz qaldığı, dediklərindən, gətirdiyi misallardan bir o qədər də arxayın olmadığı, onun hər hərəkətindən, üzünün, nagüman ifadələrindən bilinirdi.
…Mübahisə – mənim xeyrimə, insanın İlahiyyatla bağlılığının heç bir ziyarətlə qazanılmadığını sübuta yetirməyimlə başa çatdı və professorun halı bundan lap dəyişdi. Onsuz da, bir o qədər yaxşı olmayan ovqatı tamam pozuldu. Əli, qarnı ağrıyırmış kimi, mədəsinin üstündə gəzdi, dodaqları səyirdi…
Məclis əhli onun bu halını sezib, söhbətin mövzusunu, gecənin bu anlaşılmaz məsuliyyət qoxulu ovqatını dəyişməyə çalışdısa da, professor, gecədən keçdiyini bəhanə gətirib, getmək vaxtının çatdığını bildirdi, ölüm hökmü kəsilmiş məhbus vücudu ilə ayağa qalxıb heysiz addımlarla darvazaya sarı addımladı…
***
…Bir neçə həftədən sonra biz, professorun, dünyasını qəfildən dəyişdiyindən xəbər tutduq…
Bu xəbərdən sonra yoldaşım, bir neçə həftə məni, dinib danışmadan, gizli ittiham dolu baxışlarla altdan-altdan müşahidə elədi…
…O gecə haqqında yazacağım hekayə - bağın sıx ağaclığında tək-tənha otura-otura, xəstəhal professoru divara dirədiyim qəddar sübutlarıma görə üzüldüyüm əzablarımla və həmin məqam, hardansa, hansı möcüzə iləsə kimsəsiz, sakit həyətimizə daxil olub səssiz addımlarla məqə yaxınlaşan, ağaclığın sıx yerində torpağa çöküb, sevgi və mərhəmət dolu, tanış gözlərini üzümə zilləyən nəhəng, qara itin, lal baxışlarla mənə «dedikləri» ilə bitməli idi. Həmin o taleyüklü, qorxuc gecə, professora kəsdiyim ağır ölüm hökmünə görə, mənə hansısa gizli bəraətlər qazandıran tanış gözlü, qara itin lal mətni ilə …
BİC ÖLÜ
Yaxın bir qohumum – dünyasını hələ ötən il dəyişmiş doxsan iki yaşlı, həyatsevər bir qoca gecələrlə mənim və uşaqlarımın yuxularında dolaşmağına davam edir...
Qızımın yuxusunda o, hamama girərək, qapını o üzdən kilidləyir, ordan heç cür çıxmaq istəmədiyini bildirir, mənim yuxularımda isə, qarşımda diz çöküb uşaq kimi ağlayır, hamamdan qorxduğunu etiraf edərək, onu bir də ora salmamağı xahiş edir…
Olsun ki, o, bizim yuxularda dolaşmaq üçün bəhanə axtarır.
EMİQRANT ƏDİBLƏR
Rusdilli yazarlarımıza həmişə ürəyim ağrıyır. Vətənlərini sidq ürəkdən sevən bu insanlar, Bakının, onun qədim, mərkəzi küçələrinin əbədi sakinləri olsalar da, yenə yad ellərdə üzgün qərib ömrü sürməkdən, vətən nisgili bəbəklərinin dərinliyinə hopmuş ürkək emiqrantlara bənzəyirlər…
Bu sayaq emiqrasiyalar da olur.
YUXUNUN HƏQİQƏTİ
…Oğlum olandan bəri, tez-tez yuxuda görürdüm ki, evdə ondan başqa bir uşaq da yaşayır. Xəstə, çəlimsiz bir uşaq… Biz isə nədənsə, onu unutmuşuq… O, eynilə oğlum yaşındadı, elə o boydadı… amma rəngi solğundu, saçı kürəndi, dişləri də çürük… Yuxularım boyu bu uşaq xəstəhal, solğun üzü ilə otaqdan-otağa keçir… səssiz, çəkisiz addımlarla ruh kimi aramızda dolaşır… sönük gözlərlə qapı şüşələri arxasından bizə baxır...
…Hər belə yuxudan sonra mən, bir müddət özümə gələ bilmir, yuxularımda dolaşan bu xəstə uşağın, oğlumun səhhəti ilə necəsə əlaqəsi olduğunu düşünür və nigaranlıq çəkirdim.
…Bu yaxınlarda isə, tamamilə təsadüfən, necəsə qəfildən anladım ki, yuxularıma girən o xəstə uşaq - mən özüməm...
ÖLÜM NÖVLƏRİ
Nədənsə cavanlar qocalardan rahat və təmənnasız ölür...
BALACA BÖYÜKLƏR
Bizim məmləkətdə “böyük adamların” balacalığını görməkdən ötrü müharibə, aclıq, epidemiya kimi ekstremal hallar lazım deyil.
Bundan ötrü, onları ölkə prezidenti ilə görüşdürmək kifayətdir.
AŞİQ ƏDİBLƏR
Prezidentin yaxınına can atan, imkan düşdükcə, onun ətrafında - hardasa oturduğu yerlərin yaxınlığında daldalanan, nəfəsi, qoxusu eşidilən yaxın məsafələrdə, az qala, havadan asılan, şəkillərdə belə, ha tərəfindənsə diri-diri boylanan bir sıra qocaman ədiblərimiz, ondan - vəzifədən, deputatlıqdan, şan-şöhrətdən də əlavə, elə bil daha nə isə də istəyirlər.
PROSES ADAM
Doğma yaxınlarım - gözlərinin həqiqətinə, özlərindən çox inandığım fikir, hiss dostlarım belə, haralarasa çönür, yön alır, hansısa proseslərə qoşulurlar… Dörd bir yanım proseslərlə doludu. Gümrah, iyrənc, miskin, neytral proseslər...
Bəzən, mən o proseslərin, isti yel axınına bənzər istiqamətlərini, axma sürətini, başlanğıc və qurtaracaq ünvanlarını da duyuram…
Mənimsə heç hara getmək həvəsim yoxdu.
Mən özüm - Prosesəm…
İNTİHAR
O biri filosoflardan fərqli olaraq, dünyanı əksər hallarda duyğularıyla qavradığına görə çox sevdiyim Roma filosofu Senekanı ilk dəfə, tamamilə təsadüfən, ingilis filosofu Frensis Bekonun, duyğu aləmindən uzaq, soyuq beyin məhsulu olan “Hər şey barədə” adlı traktatlar kitabının arxa səhifəsindəki izahlı lüğətdə, xırda, solğun şriftlərlə yazılmış yüzlərlə informativ sözlər arasında oxuyarkən, bu qısa, lakin hədsiz dərin fəlsəfi duyğunun, akademik sakitliyi ilə ürək üzən, nəhəng, darıxdırıcı qiraət zalının ortasında, hamının gözü qarşısında qəfildən intihar edən gənc aşiqə bənzədiyini anladım.
KÜTLƏ MƏHƏBBƏTİ
Kütlə sevgisi – sahilsiz, bulanıq dənizin, ucsuz-bucaqsız, təhlükəli ağuşuna bənzəyir…
NARINCI HÖRÜMÇƏK
…Srağagünkü yuxumda, balışımın üstü ilə büdrəyə-büdrəyə qaçan axsaq, narıncı hörümçəyi, bu səhər idman elədiyim otağın divarıyla qaçan gördüm… Balaca hörümçək həmin o solaxay yerişiylə büdrəyə-büdrəyə, elə bil çaşıb çıxdığı yuxunun qapısını axtarırdı…
TOZLU QONAQLAR
…Qonaqların bir növü də var ki, onlar, sən imkan versən də, verməsən də, sizə gəlirlər, evinə daxil olub ləng böcək yerişləriylə o biri otaqlarda gəzişirlər… divarlara dırmaşıb tavandan asılır, sənə də, uşaqlarına da, ordan tərsi-mayallaq baxırlar...
Belə qonaqlar çıxıb gedəndən sonra, uzun müddət tavanda və divarlarda onların qəribə tozu qalır…
CƏHƏNNƏM SİRRLƏRİ
Cəhənnəmi adamsız təsəvvür edəndə, Ora da bir o qədər də vahiməli görünmür.
İMPROVİZƏ
Niyəsə son vaxtlar insanların maddi vücudu məndə izaholunmaz ikrah hissi yaradır... Bunun səbəbi nədir, hələ ki, anlaya bilmirəm...
İnsanın ələgələn, görünən vücudunun, gözəgörünməz, ələgəgəlməz, havaya, şüayabənzər ruhu ilə heç cür uyuşmayan qabalığıdı bəlkə?..
MƏNİM KƏŞFİM,
YAXUD LUKRETSİNİN HOQQALARI
Yaxın günlərdə, tərcümə etdiyim Roma filosofu Lukretsinin belə bir dahiyanə ftktrindən sarsıldım:
“İnsan ruhu idarəolunmazdır. Buna səbəb-onun özüdür…”
İnsan mahiyyəti ilə bağlı bu unikal kəşfdən elə bir təlatümə düşdüm ki, tərcüməni saxlayıb uzun müddət bu fikrin dərinliyinə vardım...
«…Demək biz, ruhuq, ağıl deyilik... Ağılsız ruh - dəlilik deyil… Bəs nədir?.. Heç bir Yer qanununu tanımayan, məntiqi, əsası olan heç nəyə dayaqlanmayan, hər bir şeydən xəbərsiz, ölçüsüz, sərhədsiz, sirli-sehrli varlıq... O, bizdədir... başı-ayağı, halı-xasiyyəti bilinməyən, idarəolunmaz, naməlum ruh... Deməli, əgər biz ağlımızın idarəsindən çıxarıqsa...»
…Bütün axşamı Lukretsinin bu fikri barədə evdə, səhəri günü işdə dönə-dönə danışıb həyəcanlandım… O biri gün isə, çapa gedəcək bu materialın korrekturasını oxuyarkən, bu fikri mətndə tapmayıb duruxdum.
Onu əlyazmada axtarmağa məcbur oldum və təccüb içində qaldım...
Bu fikir əlyazmada da yox idi…
Lukretsinin, Ruh haqqında dediyi bütün fikirləri yerində idi. Məni valeh edən fikir də məhz burda - ruhlarla bağlı parçada olmalıydı...
Məcbur olub orijinala qayıtdım. Mətni əvvəl hissə-hissə, sonra cümləbəcümlə, əvvəldən axıracan oxudum və dəhşətdən az qaldı nəfəsim kəsilə...
Belə bir fikir orijinalda da yox idi...
XİLAS
Yayın ən isti günlərində, istidən beynimin əridiyi, yediyim yeməklərin bədənimdəcə zəhərə çönüb qanıma işlədiyi, havasız bürkünün dörd bir yanımı sıxıb daralda-daralda dünyanı nəhəng, qorxunc tələyə çevirdiyi günlərin birində, qəfildən necəsə, bütün bu məşəqqəti istədiyim an yazıya köçürüb ondan qurtula biləcəyimi anladım...
ŞƏRQ ƏDƏBİYYATI
Bu yayın bürkülü günlərində, isti ölkələrdə realist ədəbiyyatın yoxluğunun səbəbini anladım...
İsti - insan şüurunun bütün ayıq nöqtələrini sıradan çıxarır.
İSTİ VƏ İLAHİYYAT
Bu yayın ən isti günlərindən birində, onu da anladım ki, insan ilahiyyatı, məhz müəyyən temperaturdan sonra, daha aydın duyur...
Bu günəcən yazılan dini kitabların, məhz isti ölkələrdə yaranmasını da bununla əlaqələndiridikdə, nə isə yeni, nəhəng bir sirrin astanasına çatdığımı anladım…
BU DÜNYANIN SİRLƏRİNDƏN
Mən, bir qoca tanıyırdım ki, ömrü uzunu ailəsinə, qohum-əqrəbasına zülm və haqsızlıqlar eləyə-eləyə, əclaflıqlar və murdarlıqlar bataqlığında üzə-üzə, uzun-uzadı, xəstəliksiz, ehtiyacsız, rahat bir ömür yaşadı.
Ölən gün isə, o qədər incələşib gözəlləşdi ki, çönüb on altı yaşında gənc, məsum oğlana bənzədi… və həmin o yaraşıqlı, bakirə üzü ilə də bu dünyanı tərk etdi...
HƏŞƏRAT NORMALARI
Son vaxtlar gəldiyim dəqiq qənaətlərdən biri də budur ki, bu dünyada cismən məhv olmamaqdan ötrü, mütləq müxtəlif həşəratların həyat normalarını mənimsəmək, onların qanunlarıyla yaşamağa alışmaq lazımdır.
ASTAR BARƏDƏ
Dünən, Fəvvarələr meydanını adlayıb, dörd bir yanın fransız ətri saçdığı, ecazkar əcnəbi musiqilərinin, coşğun fəvvarələrin şahə qalxdığı yaraşıqlı küçələrlə yeridikcə, qəfildən, bütün bu gözəlliyin və bayramsayağı təntənənin ortasından tələsik, xırda addımlarla, yolun kəsəsinə qaçan, ayaqlar altından ustalıqla sivişib, vacib iş dalınca tələsirmiş kimi, özünü küçənin bir tayından o biri tayına salan çirkli küçə pişiyini müşahidə etdikcə, onun, amansız küçə həyatından eybəcərləşib quldur üzünü xatırladan balaca, zədəli üzünün, bütün bu dəbdəbənin qorxunc astar üzündən xəbər verdiyini anladım...
XİYAR TƏNTƏNƏSİ
Təntənəli yığıncaqlarda, rəsmi dövlət ziyafətlərində, xüsusi gərginliklə bəzədilmiş banket zallarının divarlarından, ofisiantların, mötəbər qonaqların əlamətdar ciddilik saçan vücudlarından - bütün bu sayıqlıq və məsuliyyət dolu təntənədən daha ciddi və ali bir təntənənin qoxusu duyulur…
Bu, süfrələrdə, qəlyanaltıların böyür-başına doğranmış təzə xiyarın, bu qurama rəsmiliyə uyuşmayan, bu anlaqsız gərginliyə, süni təntənəyə sığmayan Təravət qoxusudur…
ÖLÜM QORXUSU
Ölüm barədə fikirləşəndə - təsadüfən düşdüyüm çox da rahat olmayan mənzilin qapısından, pəncərəsindən yox, döşəməsinin altından keçən darısqal yollarla sürünə-sürünə, ürəyim partlayıb ağzıma gələ-gələ sivrilib harasa qaranlıq, havasız dərinliyə yollanmağın sıxıntısını duyuram…
AHILLIQ NÖVLƏRİNDƏN
Qocalıb ağbirçəkləşməyin bir növü də var ki, insanların saç - saqqalının, bir-birinin ardınca ötürdükləri qayğılı, əzablı illərindən çox, uzun müddət hardasa günün altında qalıb ağardığından şübhələnirsən.
EDAM
Dünən, bütün axşamı qızımla birgə tanış-bilişi, qohum - əqrəbanı müzakirə edib, çətin həyat şəraitinin, zamanın və hadisələrin, onlardan yoğurub yapdığı acı nəticələrdən danışdıq. Kimini qınadıq, kimiyə acıdıq.
Səhəri gün isə qızım, bütün gecəni yuxuda, başlarının balta ilə vurulmasına növbə gözləyən adam axınını gördüyünü dedi…
SİRLİ FOTOQRAF
Bir dəfə metroda, yanaşı oturduğum yaşlı bir kişiylə uzun müddət yol gedib, yalnız son dayanacaqda ayağa qalxanda anladım ki, bayaqdan bəri bu bütün yolu onunla - hansısa naməlum fotoqrafın qarşısında birgə şəkil çəkdirən təki gedirmişik.
QARIMIŞ QIZLAR
Niyəsə, istedadsız yazıçılar, yaşı ötmüş qarımış qızlara bənzəyirlər… Onlarla həddən ziyadə ehtiyat və ehtiramla dolanmalı, həyat eşqinin qorunub saxlanması məqsədi ilə, əsərləri və düşüncələri haqqında arada bir, qeyri-səmimi də olsa, müəyyən təriflər deyilməlidir...
İMPROVİZƏ
Bir qisim adamlar var ki, mütəmadi olaraq, küçələrdə, dayanacaqlarda, digər kütləvi yerlərdə, onların qoca, xəstə variantlarını, bəzən də lap gənc çağlarını görürəm...
Elə bil bu adamlar, dünyalarını dəyişmədən, elə burdaca ölüb-dirilir, qocalıb, bir də yenidən doğulurlar.
CASUSUN ETİRAFI
Ətrafımda baş verənləri, yaxud baş vermədən həyata keçəcəyini gözləyən məqamları, insanları və heyvanları, təbiəti və iqlimi, bir sözlə, gözümə sataşan hər şeyi, daim, gizli dövlət tapşırığı alan tək, qəribə bir məsuliyyətlə müşahidə etməyimlə, özümü, hansısa dünyanın bu dünyaya desant atdığı təhlükəli casusa oxşadıram.
YUXUYA GETMƏYİN SİRLƏRİ
Yuxuya getməyin ən miskin məqamı - əyin-başını soyunub, yorğanın altına girib, yuxuya gedəcəyin annı, qurbanlıq qoyun, başına gələcəyini gözləyən tək, gözləməkdi…
SÖZLƏR BARƏDƏ
Son bir neçə ayı, qələmimin ucuna saç qırığı tək, ilişib yazıdan-yazıya köçən bir neçə ifadədən heç cür yaxa qurtara bilmirəm:“qorxulu”, “sirli”, “məkrli”...
Görünür, sözlər də insanlar kimidi. Bəzən iki-bir, üç-bir, sezilmədən adama yaxınlaşır, onun lap yaxınlarında dolaşır, həyatına daxil olur… sonra eləcə sezilmədən də aralanıb uzaqlaşır, o birilərə qarışıb hardasa, kənarlarda yaşamaqlarına davam edirlər…
KƏŞF
Ədəbiyyatın növbəti təhlükəli məqamlarından biri - adamı, tədricən danışmağa yadırğadıb ətraf mühitlə yalnız yazı vasitəsilə əlaqə saxlamağa təhrik etməsidi.
Bu yaxınlarda özümü bir də onda tutdum ki, qonşu otaqlarda oturan əməkdaşlarla məktublaşmaq üçün zəmin yaradıram.
MÜLK1 VƏ MƏLƏKÜT2
Məni qəribə, anlaşılmaz sevgilərlə sevən, nə əsərlərimi, nə müsahibələrimdə dediklərimi anlamadıqlarını, sadəlövh səmimiyyətlə boyunlarına alsalar da, küçələr boyu mənimlə yanaşı, dinməz-söyləməz addımlamaqdan izaholunmaz zövq alan, çox vaxt üzümü sezmədən, arxadan-arxaya səsimdən tanıyan və bu qəfil rastlaşmadan uşaq tək sarsılan insanlar mənə, böyük sufi Əziz-əd-din Nəsəfinin, ecazlı sirrlər dolu bir kəlamını xatırladır:
«Mülk- Mələkütə aşiqdi…»
QƏSSABLIQ FƏSADLARI
(hekayə əvəzi)
Bu yaxınlarda, hələ tələbəlik illərindən tanıdığım, bütün tələbəliyini, gecələr oxuyub, gündüzlər, atasız qalmış bir bölük balaca bacı-qardaşını saxlamaqdan ötrü çirkli ət dükanlarında qəssablıq edən, gecə-gündüz quzu şaqqalamaqdan sol əlinin baş barmağını baltalayan, bacı-qardaşları böyüdükcə, təhsili atıb işini genişləndirən, onları bir-bir evləndirib, ərə verə-verə, dükanlar, restoranlar şəbəkəsi yarada-yarada saç-saqqalını ağardan, öz xoşuna boynuna götürdüyü «atalıq» vəzifələri bitib-qurtarsa da, varlanıb, dövlətlənib imkanlı bosa çevrilsə də, yenə quzu şaqqalamaqdan qəribə, nisgil dolu zövq duyan köhnə bir tanışımızın evində qonaq olduğum axşam, onun uşaqlarının - uzun illərdən bəri görmədiyim, bu illər ərzində böyüyüb yetkinləşən və bu sirli «böyümə» prosesində ağız-burunları, qulaqları qəribə, mistik dəyişkənliklərə uğrayan üç oğlunun üçünün də – gözləri, şaqqalanmaq qorxusundan səyirən quzuya oxşadığından dəhşətə gəldim…
O MƏNİ SEVİR...
Tez-tez, xüsusən, axşam saatlarında şəhərin adamla dolu, qaranlıq küçələrindən ötüb keçdikcə, ara-sıra kəsik şüalarla bərq vurduğumu duyuram...
…Mən bərq vururam...
YADLAR
Qapılarımızın kilidlərini möhkəm-möhkəm bağlayıb, yeni tanışlarla ehtiyatla davrana-davrana, köhnə dostlarımızı, doğmalarımızı, zaman-zaman dönə-dönə o üz-bu üzə çevirib sınaya-sınaya, «yadlara» və «doğmalara» ayıra-ayıra, həmin o tanımadığımız şübhəli «yadların», artıq çoxdannan bəri bizlərlə birgə, evlərimizin içində yaşadığından, mehriban gözlərlə üzümüzə dikilib, kövrək, doğma səslərlə: «ana», «ata» deyə-deyə, öz həyatlarını yaşayan övladlarımız olduğundan xəbərsizik...
ŞÜUR BARƏDƏ
Uzun illər tox, maraqlı həyatdan - yağlı yeməklərdən, şirəli qeybətlərdən həzz ala-ala «qaz vurub qazan dolduran», nələrisə, kimlərisə hansısa gərgin yarışlarda uda-uda, müxtəlif növ «taleyüklü gedişləri» sayıqlıqla güdə-güdə, sağlamlığının da qeydinə qalmağı çatdıran - səhərlər dağ balı udub, axşamlar təmiz havada velosiped sürən yaxın bir qohumumun - yaşı yetmişi haqlamış ağsaqqal bir yırtıcının, qəfildən aldığı beyin insultundan şüurunu, yaddaşını itirib, gözləri məsumluq və işıq saçan, hansısa mehriban, üzüyola ev heyvanını andıran məsum məxluqa çevrilməsi, məni şüurumuzdan ehtiyatlanmağa vadar edir.
KASIBLIQ TƏNTƏNƏSİ
Uzun, ağır xəstəlikdən sonra dünyasını dəyişmiş kasıb, gənc bir qadının son mənzilə yola salındığı mərasimdə iştirak etdiyim zaman, çətin, ehtiyaclı illərin yadigarı olan rəngi getmiş palazın, içindən dörd-beş çatlaq fincan-nəlbəkidən və qədim neft lampasından savayı ayrı bir şey görünməyən köhnə bufetin, yarıqaranlıq otağı ortadan iki yerə bölən nimdaş pərdənin, bir sözlə, nimdaşlıq dərəcələri ilə öz maddiliyini və əşyalığını itirmiş bu əşya ilğımının solğunluğunda gözə dəyənin, görünən olanın, tək bir İNSANLAR olmasından qəribə, izaholunmaz qürur duydum...
QƏBİR ZİYALILAR
Vaxtı ilə yazdıqları ibrətamiz əsərləri, qiymətli fikirləri, xeyirxah, işıqlı əməlləri ilə qəlblərimizə həkk olunub, sonradan-sonraya necəsə, həyatın hansısa darısqal döngələrində əzilib, sınıb şikəstləşən, qəfil kimyəvi reaksiyalara məruz qalmış mikroelementlər tək, rəngini, tərkibini, molekulyar quruluşunu itirib, rəzil, qorxaq xüdbinlərə çevrilən bir sıra ziyalılarımıza olan sonsuz sədaqətimiz mənə - ara-sıra bayram günlərində qəbiristanlığa gedib, orda, bu dünyadan köçmüş əzizlərimizin qəbirlərini ziyarət etməyimizi, unudulmaz mərhumlarımızın bu üzübərk, soyuq qəbirlərdə olmadıqlarını bilə-bilə, orda - fəxri qarovulda dayanan tək, dayanaraq, kədərli sükuta dalmağımızı, özümüzü, onların, hələ də sağ olduğuna inandırmağımızı xatırladır.
GÖDƏN SEVGİSİ
İllər uzunu gödən həzzlərindən heç cür usanmayan - sütül quzu budlarından, təzə bişmiş peşmək çörəklərdən və daha nələrdən və nələrdən doymayan, yedikcə yeyən, yeyib-doyub, bir də acan, sonra yenə və yenə bütün vücuduyla şirələnib, sulanıb, dönə-dönə bir də acan, milyonlarla yeni-yeni ac toxmalarıyla şahə qalxıb, bu ləzzətlər və nəşələr dənizinin sularında aylarla, illərlə acgöz- acgöz yırğalanan... sonra getdikcə, kökəlib enlənən, piylənib ağırlaşan, dişləri, saçları seyrəlib, qaşsız qalan tanış bir qadını gördükcə, yeməklərdən qorxuram...
QƏFİL XİLASLAR BARƏDƏ
İllər boyu özümüzün, ya hansısa həyat qanunlarının bizlər üçün düzüb-qoşub müəyyənləşdirdiyi gündəlik yeknəsəq həyat marşurutları üzrə yaşaya-yaşaya - səhərlər eyni yollarla işə gedib, axşamlar eyni üzlərin əhatəsində eyni verlişlərə baxa-baxa, bizləri bu darıxdırıcı, darısqal marşrutlarda dustaq edən bu darısqal «nizamı» istənilən an darmadağın etməyə qadir olduğumuzdan da xəbərsizik...
ŞAM QALİBİYYƏTİ
(hekayəəvəzi)
İstirahət günlərinin ənənəvi şam mərasimilərindən birində - «Söz»ün sirli ecazından, fiziki qüvvəsindən, ilahi qüdrətindən, insanlara və zamana sirayət imkanlarından danışıb öz-özümə kövrəldiyim «möhtəşəm məqamlar» arasında qəfildən, süfrə arxasında oturanların üzümə baxıb başlarını təsdiq işarəsi ilə tərpətsələr də, dediklərimi eşitmədiklərini, yedikləri təamın ləzzətini, qədərində almağa maneəçilik törədən bu «lüzumsuz fəlsəfəçilikdən» tezcə yaxa qurtarmağa tələssələr də, bunu ustalıqla gizlətməyə çalışdıqlarını anlayıb sözümü yarımçıq kəsdim…
Süfrə arxasındakıların, mənim bu gizli «etiraz aksiyamı» sezmədən rahatlığa çıxdığını bir müddət dinməz-söyləməz müşahidə edə-edə, özlüyümdə bu «rəzil insan dəstəsinin» halına acıdım.
Azadlığa çıxanlar - böyük qızımla, həyat yoldaşım nəhayət ki, mənim susduğumu görüb, sapanddan qırılan tək, hövsələsiz tələskənliklə öz sevimli mövzularına - hüquq sahəsinə dair hansısa qanunların müzakirəsinə keçdilər. Bayaqdan bəri qəribə, şüursuz tələskənliklə yediklərinin tamını yalnız indi - mən susandan sonra hiss etməyə başladıqlarını, sevimli mövzularından aldıqları zövqün həddini təyin etməkdən ötrü onların üzlərinə baxmaq kifayət idi…
Mən onlara - «insanın tək bir yeməklə doymadığından», ümumiyyətlə «yemək» deyilən bütün bu təamların, əslində, insanın ruhi varlığına, mahiyyətinə heç bir aidiyyatı olmadığından, əksinə, duyğusunun, heysiyyətinin gücünü alıb, onu tox, mənasız məxluqa çevirməkdən savayı, ayrı bir «faydası» olmalığından danışmaq istədimsə də, fikrimdən daşındım. Ərim də, qızım da, mənim bu aktiv sükutuma məhəl qoymadan, bayaqkı ac üzlərlə yeyir və yenə qanunlardan danışırdılar...
Söhbət qızışdıqca, bu «qanunşünasların» xüsusi bir ciddiliklə şişirdib böyütdükləri həmin o qanunların, tədricən, oturduğumuz, çox da böyük olmayan, lakin rahat otağın tavanından qara, ağır bayraqlar kimi asılıb yellənməyə başladığını, bu qara tərpənişdən ürəyimin pis-pis sıxıldığını hiss etdim… və canımı bu izaholunmaz təzyiqdən qurtarmaqdan ötrü, özümün də gözləmədiyi qəribə şəstlə:
- Əslində, dediyiniz o qanunların da mahiyyətində Söz dayanır!.. – deyib, bununla müzakirəyə son qoydum.
QUZU YAZIÇI
Bu səhərin ala-toranında, yatağımda uzanıb, heç nə haqda fikirləşmədən, yenidən yuxulamağa hazırlaşdığım yerdə, qəfil şimşək çaxıntısıyla hardansa üstümə yağa-yağa, həm də necəsə, içimdən qaynar şüa fəvvarəsiylə üzümə fışqıran möhtəşəm duyğu həmləsindən, arı çalmış kimi, dik atılıb ayağa qalxdım, yazı masamın arxasına keçib, "gələnləri" hürkütmədən, qırıq-qırıq qeydlərlə vərəqlərə köçürməyə başladım… Köçürdükcə, bir çoxunu əldən buraxıb itirsəm də, qısaca mahiyyətini qaralamağa macal tapdığım, fikrimcə, əsrarəngiz duyğularımın bir hissəsini bədii ifadələrimlə cilalaya-cilalaya, mümkün kamil həddini ala-ala, növbəti silsiləmi yazıb başa çatdırdım. Sonra nəfəsimi dərib, səhərin bu çağında az qala bütöv şəhər salmış adamın şərəfli yorğunluğunda əriyə-əriyə, yazdıqlarımı bir də oxudum və özümü dünyanın ən xoşbəxt, ən ali varlığı sanmağa hazırlaşırdım ki, qəfildən, yazı nəşəsindən qurumuş damağım boyu gəzdirdiyim dilimlə, uzun illərdən bəri ağzımın içində saxladığım bu mağaravari, əcaib ünsürün, əsasən qış fəsillərində, soyuq, qarlı havalarda yediyim kəllə-paçanın bozumtul şirəsində, dəryada qəzaya uğramış qayıq kimi görünüb - yox olan quzu damağı olduğunu anladım.
QOCANIN AQİBƏTİ
Mən bir qoca tanıyıram ki, yaşı yetmişi adlasa da, Allahı tanımır.
Peşəsi yazmaq olsa da, O dünyanın varlığına, Ruhun mövcüdluğuna, bu dünyanın, yüksək vəzifəli şəxslər tərəfindən yox, İlahi qanunlarla - Qüdrətli və Dəyişməz Yazıyla idarə olunduğuna inanmır.
Başı, gözü ağarsa da, beli bükülüb dizləri əssə də, bu qoca, dünyanı həmin cavanlıq ədəbazlığı və təmannayla sevir.
Bütün ömrünü, var qüvvəsini sərf edib, dəridən-qabıqdan çıxa-çıxa, daxıla yığan tək, nəyinsə içinə, ya üstünə topladığı Şöhrətinin, son nəticədə, dəbdən düşmüş köhnə palto qədər dəyərsiz olduğunu görə-görə, öz nəsliylə, nə vaxtsa əl verib görüşdüyü, üzbəüz, yanaşı oturub şəkil çəkdirdiyi yüksək rütbəli dövlət adamlarıyla yaxın münasibətlərindən qürur duymaqdan usanmır.
Ömrünün sayılası günləri son mənzilə dirənsə də, bu qoca həlimləşib saflaşmaq, müdrikləşib, olanla barışmaq əvəzinə, düyünlənib itilənir, onu, təbii mövsüm axıntısıyla kölgəyə qısan gəncliyə, yeniliyə, sütül növrəstə məkriylə nifrət edir.
...Və bircə an belə, ayaq saxlayıb, nəfəs dərib, Özü barədə, uzun, keşməkeşli illərlə hədsiz «ayıq» beyninin, xəstə bədəninin əsirinə çevirdiyi Ruhu barədə düşünmür… Onu bircə anlığa belə, dincliyə, azadlığa buraxmaq fikrinə düşmür.
Olsun ki, gizli yaddaşının hansısa oyaq tərəfiylə o, yaxşı bilir ki, azadlığa buraxacağı təqdirdə, bütün həyatıyla, şöhrət və nüfuz qazanmaq eşqiylə çürüdüb irinlətdiyi vücüdundan xilas olmuş Ruhu, bir daha geriyə - ona qayıtmayacaq.
Sevimli "Ə"
Neçə vaxtdan bəri yazıb qaraladığım, cümlələrinin altından, böyür-başından cızıqlayıb oxladığım mətnləri bu yaxınlarda nəzərdən keçirərkən, gözüm, vərəqlərdən birində, sətirlərin bitdiyi, sözlər və nöqtə-vergüllər yığnağının keçə bilmədiyi ağ haşiyədə, yağışdan islanmış cılız uşaq ürkəkliyi ilə büzüşüb bir kənarda dayanan balaca "ə" hərfinə sataşanda çaşıb qaldım...
Necəsə, özümdən xəbərsiz, əlimin ya qələmimin hökmüylə yazdığım bu incə hərfi bir qədər yaxından və diqqətlə gözdən keçirdikcə, tükənməz səbr və dözüm payından yoğrulmuş solğun həyatlarını gözqamaşdıran Ədəbiyyat tozanağından kənarda - təmiz, səssiz bir ərazidə, təkbaşına yaşayan zərif qələm adamlarını xatırladım...
Səlim Sarıyevin həyatı
Nə vaxtdan bəridi ki, bütün həyatını şəhərin mərkəzi küçələrindən birində yerləşən sanballı bir binanın geniş sahəli, təmirli mənzilinə sahib olmaq arzusuyla yaşayan, bundan ötrü özünü və ailəsini bir çox həyat həzzlərindən məhrum edib, acıqlı kahin ömrü sürən - soyuq qış ayları qızdırıcısız yataq otaqlarında yatmaqdan ailəliklə ağ ciyər iltihabı qazanan, ucuz və vitaminsiz yeməklərdən saralıb tuluqlanan, istirahət axşamlarını, teatr və konsert salonlarından daha ucuz və maraqlı tamaşalarda - çilçırağın gur işığı altına yığışıb, arvadına babasından miras qalmış qədim brilyantların, böyüdücü əl lupası ilə tamaşasında keçirən, pirojnanı, əncil mürəbbəsi yaxılmış çörək dilimiylə, çimərliyi, içinə duzlu su yığılmış vannayla əvəz edən və bütün bu davamlı, dözümlü həyatın axırında nəhayət ki, öz ülvi arzusuna yetişən - yaşı 70-i haqlayarkən, axır ki, şəhərin mərkəzi küçələrindən birində ucalan yeni tikilidə dördotaqlı mənzil almağa müvəffəq olan, lakin mənzilə köçüb rahatlandıqdan sonra, həyatının gizli mənasını itirib yazıqlaşan Səlim Sarıyev adlı qəhrəmanım barədə yazmaq istədiyim hekayə, ortaya düşən daha vacib və əhəmiyyətli işlər arasında, maşın yolunu heç cür keçib səkiyə çıxa bilməyən aciz piyada tək ilişib qalır.
PALTAR ŞKAFINDA
Bir növ insan cəmiyyəi var ki, orda özünü, çirkli, nimdaş geyimlər asılmış köhnə paltar şkafında hiss eləyirsən...
HAVA GƏMİSİNDƏ
Hər bir şeyin yorulub susduğu, gücünü, heyini itirib, taqətsiz həlimliklə öz yerinə çökdüyü ən səssiz gecələrlə, Yer kürəsinin bilinməz tərpənişindən hərəkətə gəlib, uzaq, qədim qərinələrin dərin suları altında batıb qalmış nəhəng gəmi cırıltılarıyla cırıldayan çardaq millərimizin səsini dinlədikcə, İlahinin:
"...Gizli xəzinətək yaşaya-yaşaya bir gün dərk olunmaq istədim... və dünyanı yaratdım..." - kəlamını xatırlayıram...
O MƏNİ SEVİR
(hekayə əvəzi)
Uzun illərdən bəri Özünü müxtəlif müəmmalı işarələr və eyhamlarla bildirən, qəlbimdən ötəri niskillə ötüşən ən irreal, ən ağlasığmaz istəklərimi həmin andaca, inanılmaz dəqiqliklə yerinə yetirə-yetirə qarşımda şahə qalxan İlahi Sevgi etiraflarının ən sarsıdıcısı, 13 yaşlı oğlumun son bir ili mənə, içi sevgi və iztirab dolu gözlərlə baxa-baxa, dəqiqədə bir:
- Mən səni sevirəm... - deməsi oldu...
İlk günlər, "qədirbilən övlad sevgisinin" şirinliyindən əriyən mən, sinəmə məlhəm kimi yayılan bu bala nəvazişindən az qala məst olur, uşağı bağrıma basaraq, öpüb-qucaqlayırdımsa da, bir müddətdən sonra, heç cür səngimək bilməyən, iztirab və ağrı həddi heç bir vəchlə azalmayan bu etiraflardan cana yığıldığımı, sevgi və mərhəmət saçan bu ilıq sözlərdən qıcıqlandığımı duydum... Bir qədər sonra isə, səhər-axşam üstümə qəfil, qaynar su kimi atılan bu sözlərin, anadan olandan bura məni daim öz həssas müşahidəsi altında saxlayan oğlumun, əsəblərimi bu sayaq tarıma çəkmək həvəsi olduğundan şübhələnməyə, uşağı, çox deyilməkdən mənasını itirmiş bu yersiz izharlarına görə məzəmmət eləməyə başladımsa da, heç nəyi dəyişə bilmədim.
Axşamlar və istirahət günləri məni, saatlarla zilləndiyi kompyuterinin arxasından, otağının uzaq küncündə qapıldığı dərslik səhifələrinin arasından qarabaqara izləyən Rüstəm, televizora baxdığım, telefonla danışdığım, yazı yazdığım yerdə qəfildən ha tərəfimdənsə peyda olur, içi dərinləşən gözlərini üzümə zilləyib yazıqlaşır, nəfəsi az qala kəsilə-kəsilə:
- Mən səni sevirəm... - deyir, mən, döyənəkliyi ilə artıq əsəblərimə toxunan bu tikanlı "söz yığınağından" əsəbiləşir, hirsimdən boğula-boğula: «Bilirəm... bunu yüz min dəfələrlə demisən artıq...», yaxud, "Nolsun axı?.." – deyərək, onun sözünü kəsirdimsə də, bütün bu kobudluğun ona toxunmadığını, var hirsimlə dediyim sözlərimin, böyür-başından, içiboş, nəfəssiz külək kimi ötüb keçdiyini görür və bundan daha pis əsəbləşirdim...
Axır iş gəlib o yerə çatdı ki, məni bu amansız "izhar dolusundan" qurtarmağa çalışan ərim, uşağı danlayıb, bütün axşamı otağında dustaq eləməklə cəzalandırdı.
...Həmin gün Rüstəm bütün axşamı otağından çıxmadı, hava qaraldısa da, otağının işığı yanmadı.
Bütün axşamı ərimlə mən, səbəbini özümüz də anlamadığımız gizli günah hissiylə aralıq otaqda oturub, dinməz-söyləməz televizora baxdıq. Bir qədər keçmiş ərim, pərtlikdən, ya qorxudan böyümüş gözlərini üzümə dikib astadan:
- Bax, gör, o orda neyniyir?.. - dedi.
…Mən ayağa qalxıb ehmal addımlarla otağın qapısına yaxınlaşdım, qapını azca aralayıb içəri baxdım və gördüyüm mənzərədən çaşıb qaldım...
...Rüstəm pallı-paltarlı, üzüqoyulu vəziyyətdə çarpayısına uzanıb qalmışdı... qapının açılmağını, mənim otağa girdiyimi hiss eləsə də, yerindən tərpənmirdi...
...Mən, həyəcandan, ya qorxudan, dizlərimin titrədiyini hiss elədim... çarpayıya yaxınlaşıb Rüstəmin yanında əyləşdim, başını ehmalca sığallayıb lap astadan:
- Axı, niyə belə eləyirsən, ay Rüstəm? - dedim. - Böyük oğlansan, özünü uşaq kimi aparırsan. Görürsən, əsəbləşirəm, dediyini deyirsən. Axı bir sözü nə qədər deyərlər?..
Rüstəm bir müddət dinmədi… məni eşitmirmiş kimi, barmağının ucunu belə tərpətmədi. Sonra haçandan-haçana ağır, qaranlıq yuxudan ayılan tək, aramla mənə sarı çevrildi, otağın yarıqaranlığından, ağlamaqdan şişib qızaran gözləriylə üzümə baxdı, həmin yazıq səslə:
- Səni çox sevirəm... - dedi və yanağına diyirlənən dolu yaş damlasını qoluyla sildi...
...Yalnız onda mən, bu sütül vücudun daşımağa gücü yetmədiyi həmin o Sevginin Özünü - hüdudsuz Mərhəmətdən gərilmiş yeniyetmə gözlərin dərinliyində işaran möhtəşəm üfüq ənginliyinin kiçicik bir hissəsini gördüm... və heyrətdən nəfəsim darala-darala, neçə vaxtdan bəri məni zinhara gətirən amansız etiraflar müəllifinin, mürəkkəb gedişli kompyuter oyunlarından, heyvanat aləmindən savayı bu dünyada heç nəyin marağında olmayan bu 13 yaşlı məktəbli oğlan uşağı olmadığını axır ki, anladım...
XİLASIN SONU
İllər uzunu yönsüz, yöndəmsiz icma «qanunlarının» arasıyla cızılıb qanaya-qanaya, yığılıb açıla-açıla, ölüb dirilə-dirilə, ilmə-ilmə, naxış-naxış, söz-söz yığıb, hörüb axır ki, başa çatdırdığım İMPERİYAMIN səskeçirməz, üzkeçirməz, şəffaf divarları arasındayam... Burdan - məndən hansıa uzaqlarda lazımsız, ölü bitkilər kimi saralıb-soluxan, getdikcə, quruyub uyuqlaşan bu «mötəbər» qanunların, mən dəyib-toxunmadan, özü-özünə ovulub, üyülüb, harasa daha uzaqlara sovrulduğunu duyuram...
QATİL
(Hekayə əvəzi)
… Professorun, daim dünyadan razı, kök üzü o gecə gülümsəmirdi… Əksinə, solğun bənizi, sınıxmış vücudu, altı kölgəli gözlərinin ifadəsi, bu rahat adamın daxilində nə vaxtdan bərisə işə düşən hansısa dağıdıcı, sirrli proseslərdən xəbər verirdi…
O axşam professor həmişəki məzəli anekdotlarından da danışmadı, adəti üzrə, çəngəl-qaşığını kənara çəkib ətli barmaqlarını çevik-çevik işlədə-işlədə qarşısındakı sevimli xörəklərin içində həvəssiz-həvəssiz eşələndi.
Onun bu halının, yaxın günlərdə Həcc ziyarətindən qayıtması ilə əlaqədar olduğunu, biz yalnız bir qədər sonra - - şam mərasimi başa çatdıqda, süfrəyə çay gələndə, professor oturduğu həsir kreslonun söykənəcəyinə dayaqlanıb, uzun, təfərrüatlı söhbətə hazırlaşan tək, kök qollarını qarnının üstə çarpazlayıb müqəddəs ziyarətdən söhbət açanda, bürkülü günlərlə, saatlarla pay-piyadə yol getməyinin, məşhur Ərəfat dağına qalxmağının əziyyətlərindən danışanda anladıq...
Neçə illərdən bəri şəkərli diabetdən əziyyət çəkən bu alimdən, özünü bu sayaq əziyyətlərə qatlaşdırmağının səbəbini soruşanda, o, əvvəl qəribə, pərt bir sükutla susdu, sonra dindən, Qurandan danışıb, özünü müsəlman hesab edən hər bir kəsin Həcc ziyarətinə getməyə borclu olduğunu dedi.
Mən isə ona, qəribə bir inadla həmin o müsəlmaqçılığın, savabın, ziyarətə gedilmədən də, elə burda - gündəlik həyatında, öz əməllərinlə, qəlbindəki niyyətlərlə də qazanıla biləcəyini sübut etməyə çalışdımsa da, professoru bu həlim inadından döndərə bilmədim…
Bu minvalla ortaya, heç kimin gözləmədiyi, qəribə, mistik bir söhbət düşdü. Bizim bu uzun-uzadı, zahirən dostyana mübahisəmiz gecədən xeyli keçənə qədər uzandıqca, ətrafa, mənası heç kimə bəlli olmayan sayıqlıq və ehtiyat dolu qəribə sakitlik çökdü… Gün boyu bağın içi ilə oynayan isti küləklər ha yanasa çəkilib yoxa çıxdı... Göyün üzü göz qırpımında qaralıb tutqun ulduzlarla doldu. Süfrə arxasında əyləşənlər də - uşaqlarım, yoldaşım və professorla birgə bizə təşrif buyuran yaxın dostlarımız - hansısa çöl quşlarını xatırladan mehriban ər-arvad da, elə bil professorla mənim, danışa-danışa həlledici və möhtəşəm olan Nəyisə tərpətdiyimizi, hansısa görünməz, toxunulmaz səddlərə toxunduğumuzu duyub məsuliyyət dolu sükutla susdular. Sonra hardansa süfrəmizə iri bir cırcırama şığıdı, nəlbəkinin kənarına oturub qara, muncuq gözlərini professora zillədi...
…Professor pərt idi... Astı səslə dini ehramlardan, ziyarətlərin savabından danışsa da, qəribəydi ki, həm də bu ziyarətlə elə bil nədəsə, necəsə, hansısa böyük və bağışlanmaz səhvə yol verdiyini, hansısa keçilməz, yasaq qadağalara toxunduğunu anlamışdı...Ziyarət boyu çəkdiyi ağlasığmaz əziyyətlərə görə, özünə haqq qazandırmağa çalışsa da, hansısa həlledici sual qarşısında aciz qaldığı, dediklərindən, gətirdiyi misallardan bir o qədər də arxayın olmadığı, onun hər hərəkətindən, üzünün, tez-tez dəyişilən nagüman ifadələrindən bilinirdi.
…Mübahisə - mənim, professora, insanın İlahiyyatla bağlılığının heç bir ziyarətlə qazanılmadığını sübuta yetirməyimlə başa çatdı və professorun halı bundan lap dəyişdi. Onsuz da bir o qədər də yaxşı olmayan ovqatı tamam pozuldu. Əli, qarnı ağrıyırmış kimi, mədəsinin üstündə gəzdi, dodaqları səyirdi.
Onun hansısa qorxunc, qaçılmaz həqiqətlə üzbəüz, təkbətək qaldığını duyan məclis əhli söhbətin mövzusunu, gecənin bu anlaşılmaz məsuliyyət qoxulu ovqatını dəyişməyə çalışdısa da, professor, gecədən keçdiyini bəhanə gətirib, ölüm hökmü oxunan məhbus vücudu ilə ayağa qalxdı, heysiz addımlarla darvazaya sarı addımladı…
…Bir neçə həftədən sonra biz professorun, dünyasını qəfildən dəyişdiyindən xəbər tutduq… Bu xəbərdən sonra, yoldaşım bir neçə həftə heç nə demədən, məni ittiham dolu sınayıcı baxışlarla müşahidə etdi…
…Hekayə - bağın sıx ağaclığında tək-tənha oturub, xəstəhal professoru divara dirədiyim o inadkar sübutlarımın əzablarında üzülməyimlə və həmin məqam, hardansa, hansı möcüzə iləsə kimsəsiz, sakit həyətimizə daxil olub səssiz addımlarla yaxınıma gələn, ağaclığın sıx yerinə çöküb sevgi və mərhəmət dolu tanış gözlərini üzümə zilləyən nəhəng, qara itin, lal baxışlarla mənə dedikləri ilə bitməli idi... Əslində hekayəni yazılmağa qoymayan da, məişət və bürkü gicəllənmələrində bilərəkdən, ya təsadüfən itirib unutduğum nlə həmin o mətn ildi… o taleyüklü, qorxuc gecə professorun ölümünə verdiyim ağır hökmə nədəsə, necəsə haqq qazandıran həmin o sözsüz, lal mətn…
SİRLİ İŞ YERİ
Dəqiq bildiyim bir də budur ki, mən işimdən, ailəmdən və yazımdan savayı, həm də hansısa ayrı bir prosesdə yaşayıram…
Daha doğrusu, mən o prosesdə işləyirəm. Ora günün hansı vaxtı, necə qoşulmağımı dəqiqləşdirmək mənə heç vaxt müyəssər olmur.
Bu, əsasən səhərlər - səhər yeməyi ilə, işə getməyə yığışdığım vaxt kəsiyində baş verir. Mən, reallıqla əlaqəsi olmayan, hansısa sirrli vəziyyətə düşür, ordan çıxdığım vaxtı isə heç cür müəyyənləşdirə bilmirəm.
MƏMNUNLUĞA APARAN YOLLAR
Əslində üzüntülü, iztirablı əziyyətlərimiz, uzun-uzadı, inadkar çalışmalarımız və çarpışmalarımız, son nəticədə, ötəri məmnunluq hissinin qısaca anına xidmət edir.
ƏSƏBİ ƏJDAHA
Bəzən əsəbiləşəndə, içimdə ağacabənzər nəyinsə dartılıb böyüdüyünü, məni dörd yerə bölə-bölə qol-budaq atmaq istədiyini hiss edirəm… Bəzən də, bunun ağac yox, illərdən bəri hansı küncümdəsə gizlənib yatan, lazım olan məqam göz qırpımında oyanıb ayağa qalxan nəhəng əjdaha olduğunu duyuram.
SƏXAVƏT BARƏDƏ
Uzun illərdən sonra, ölüm-dirimlə müşaiyət olunan həyat keçidlərində tapdığım yeganə oğlumun dayəsinin uşağa hədsiz məhəbbəti, körpəmin də, günbəgün, aybaay məndən soyuyub bu şirindil, mehriban qadına isinişməsi, ona qəribə, nisgil dolu gözlərlə baxıb «ana» çağırması və yetkin yaşlı qızları olan dayənin, gözləri sevincdən işara-işara:
-...Falçılar həmişə deyirdilər ki, bir oğlun da olacaq... - deməsi belə, qəribədi ki, məni yalnız sevindirir…
BİC ÖLÜ
Yaxın bir qohumum - bir müddət əvvəl dünyasını dəyişmiş doxsan iki yaşlı, həyatsevər bir qoca hər gecə mənim də, uşaqlarımın da yuxularında dolaşır...
Qızımın yuxusunda o, hamama girib qapını o üzdən bağlayır və heç cür ordan çıxmaq istəmir. Mənim yuxularımda isə, qarşımda diz çöküb uşaq kimi ağlayır, hamamdan qorxduğunu etiraf edərək, onu bir də ora salmamağı xahiş edir…
Görünür o, bizim yuxularda dolaşmaq üçün bəhanə axtarır.
HƏSSAS QUŞ BALASI
Nəyə görəsə, kütləvi mərasimlərdə - rəsmi tədbirlərdə, iclaslarda və prezentasiyalarda, müxtəlif rütbəli məmurların, görkəmli yazarların əhatəsində özümü - yumurtadan yenicə çıxmış, tüksüz, lələksiz quş balası hiss edirəm...
VAQİF VƏ BAX
Dünən Baxın musiqisinə qulaq asdıqca, qəfildən hiss etdim ki, Vaqif Cəbrayılzadənin poeziyasının, Baxın musiqisi ilə hansısa uyarlığı var. Bu uyarlığın nə olduğu barədə bir müddət fikirləşdikdən sonra anladım ki, onların hər ikisi dünyanı hər an dönə-dönə yenidən və yenidən qurmaqla məşğuldurlar...
SIÇRAYIŞ
Bəzən ədəbiyyatdan da o yana olan nə isə yaratmaq istəyirəm... Nədi o?..
BALACALAR VƏ GÖZƏLLƏR
Bir qisim balaca, gözəl insanlar var ki, əllərindən nə pislik, nə də yaxşılıq gəlməsə də, mehriban üzləriylə, qorxaq gözləriylə, balaca, gözəl cücülər kimi dünyanı yamyaşıl, təhlükəsiz çəmənliyə bənzədirlər.
HÖRMƏTLİ ANAR MÜƏLLİMƏ
Sonuncu kitabımı, bir qədər çılpaq və kobud ədəbi üslubumla tez-tez qəlbinə toxunduğum hörmətli Anara göndərərkən, titul səhifəsində belə bir bəndi yazmaq fikrinə düşdüm:
«Tez-tez məndən inciyib qəlbində gileylənən,
- Afaq da dönük çıxdı... - deyib əlin yelləyən
Anaradır bu kitab.
Ədəbiyyat naminə, Afaqa gətirsin tab!..»
Sonradan onun bundan da inciyəcəyindən ehtiyat edib, bəndin əvəzinə, sadəcə: «Hörmətli Anar müəllimə…» - yazdım…
YAZIÇI ÜNVANI
Günün hər anı özlərini ədib hiss edən, yazıb-yaratdıqlarını havakeçirməz canlıq kimi, uzun ətəkli bahalı palto kimi daim qürurla əyinlərində gəzdirən, bu nimdaş yazılardan ətraflarına, möhtəşəm, məsul kürsüdən baxan kimi, ağayana nəzərlər salan bir sıra görkəmli ədiblərimiz əslində özləri də bilmədən, nədənsə qorunmaqla məşğuldurlar...
QƏDİM ABİDƏLƏRİMİZ
Ötən yay Marxalda dincələrkən, tarixi keçmişimizə ekskurs məqsədi ilə uşaqlarımı qürurla apardığım Şəki xanının balaca sarayı məndə, keçmişimizlə bağlı xof dolu anlaşılmazl hisslər yaratdı...
Cəmi altı ədəd alçaq tavanlı, balaca otaqlardan ibarət bu sarayın ürəksıxan darısqallığı, xanın, nəmiş qoxulu qəbul otaqları, arvad-uşağının boş vaxtlarında oturub üzbəüzdəki nəhəng, yalqız dağa baxdıqları nənni böyüklüyündə məhəccərsiz artırmalar, divara vurulan solğun xalçaların üzərində təsvir olunan gödəkqıç atlar, ova çıxan solğun bənizli, qıyıqgöz, balaca xan, eynilə onun ölçüdə balaca əshabələri, arvadına və sarayına yiyə durmaq istəyən digər qıyıqgöz, balaca adam - xanın qardaşı və sair, bu yerlərdə yaşayan balaca, acıqlı adamların, havasız, miskin ömür yollarından xəbər verirdi...
SEVDANIN İZİYLƏ
Uzun illərdən bəri, gecələrlə, Bakıdan Mərdəkana aparan şümal yolla gedərkən, yolun kənarları boyu uzanan sıx şam meşələrinin sirli, sakit qaranlığına baxdıqca, daim duyduğum naməlum sevdanın nə olduğunu, yalnız bir neçə gün bundan əvvəl anladım…
...Sən demə bu, ilanla tülkünün qarışığınabənzər heyvan cildində, bu qaranlıq, kimsəsiz ağaclıqların dibiylə, sinəm, üzüm, soyuq, nəm qumluğa sürtülə-sürtülə, şələ quyruğum kol-kosu darayıb xışıldada-xışıldada, yol boyu uçan maşınların sürətilə sürünmək azarı imiş...
UĞURSUZ XİLAS YOLU
İztirablı, darıxdırıcı ömür yollarında, zamanın əksinə işləyən cığırları tapanlar - bu dünyadan ayrı ölümlə köçürlər…
O yollardan ən uğursuzu - ədəbiyyatdı.
MÜTALİƏ TƏHLÜKƏSİ
Son vaxtlar ehtiyac duyduğum hər hansı ədəbiyyatı oxuyarkən, hisslərimə necəsə təsir göstərən hansısa cümlənin içimdə yaratdığı zəlzələyəbənzər təlatümləri, energetik toqquşmaları andıran anlaşılmaz qəzalar, hər hansı mütaliənin mənə qadağa olunduğundan xəbər verir...
QORXUNUN DAVAMI
Bəzən gecələrlə yuxularımda, hansısa proseslərin məni şüurlu surətdə qorxutduğunu duyuram…
Bu, əsasən insanlarla çox ünsiyyətdə olduğum günlərin gecələri baş verir. Bu qorxunu törədənin nə olduğunu, o proseslərin hansısa obrazını belə, mən yuxudan oyananda xatırlamır, üstəlik özümü - qaranlıq, tənha otağın bir küncündə gözüyumulu, şüursuz vəziyyətdə yorğana bürünüb, dəqiqədə bir başı yenicə kəsilmiş quzu kimi, diksinib titrəyən bədənimlə təsəvvür edir və bu mənzərədən daha dəhşətli qorxu duyuram…
ŞİR NASİR
Bəzən təklikdə, dadlı azadlıq havasında şelləndiyim qısaca, ani məqamlar rahatlıq dolu azadlıqla ürəkdən əsnəyəndə şirə oxşadığımı hiss edirəm...
Aslanın erkəyi-dişisi olmaz.
ZALIM ŞAİR
Yaxın günlərdə, bir yığın nəfəssiz qəzet cümlələrinin arasında, Vaqif Cəbrayılzadənin: - “...Mən zalım adamam, kamança...” - sətrini oxuyarkən, qəfildən sətrlərin arasından, üzünün yarısıyla baxan Vaqifi gördüm... özümü kamança hiss elədim...
YADDAŞ MANEVRLƏRİ
Tez-tez yuxuda, ikicə saat əvvəl ayrıldığımız real həyatımızı - kimliyimizi, yaşadığımız şəhərin iqlimini, işlədiyimiz idarənin rəngini, ata - ana olduğumuzu, uşaqlarımızın üzünü, evimizin divarlarını, valideynlərimizin artıq on beş-iyirmi il bundan əvvəl dünyalarını dəyişdiyini unudub zərrəcən çaşmadan, təəccüblənmədən, heç vaxt görmədiyimiz yad mənzillərdə, tanımadığımız şəhərlərdə yaşayır, qəbirlərini, uzun illərdən bəri ziyarət etdiklərimizlə üzbəüz əyləşib tələsmədən çay içir, sezilmədən, qəribə bir rəvanlıqla döşəmədən ayrılıb, qarnımız yerə dəyə-dəyə, nəfəsimiz itə-itə uçur… səhərlər isə bu gizli yaddaş manevrlərimizi asanca unudur, burnumuzun ucunda gedən bu gündəlik ilahi aktlara, azca da olsa, heyrətlənmirik.
QORXULU MİLLƏT
Keçən həftə oğlumla bulvarda gəzərkən təsadüfən daxil olduğum üfunət qoxulu heyvanxanada birdən-birə nə isə doğma, tanış bir yerə düşdüyümü hiss etdim…
…Baxımsızlıqdan, sıxıntı dolu natəmizliyin darısqallığından üzülüb dar qəfəslərindən müdrik insan gözləri ilə baxan yalqız meymunlar, əsəbi dələlər, qorxaq dovşanlar, hikkəli tovuzquşular hansısa tanış ölkənin sakinlərinə - millətə oxşayırdılar…
FƏXRİ XİYABANIN SİRLƏRİ
Bir cür zəhər qoxulu çiçəklər də var ki, onlar yalnız fəxri xiyabanda, soyuq əzəmətləriylə ayrı-ayrı muzeylərə oxşayan möhtəşəm qəbirlərin böyür-başında bitir... Bəzən, mən acı badam iyini andıran bu qoxunu xiyabandan çox-çox uzaqlarda, hansısa məkan və zaman kəsiklərində da duyur, bir sıra görkəmli sənətçilərimizin fəxri xiyabanda basdırılmaq arzusu ilə yaşayıb-yaratmaq əzmini nədənsə bu qoxunun anlaşılmaz, izahsız ecazı ilə əlaqələndirirəm…
TEATRIN ÜNVANI
Dövlət Dram teatrının möhtəşəm binasının yuxarı mərtəbələrindən birində yerləşən “Yuğ” - da özümü, nəhəng, qoca palıdın quru gövdəsindəki nəm oyuğda hiss edən kimi hiss edirəm.
KÜÇƏ İTLƏRİ
Küçə itlərinin hansısa bu dünyada nə vaxtsa itirdiyim, adını, üzünü dəqiq xatırlamadığım doğma adamımdı...
O iti mən bəzən dəniz çimərliklərində, qulağıkəsik, quduz itlərin arasında qayğılı üzü ilə atıla-atıla ha yanasa qaçan, bəzən də, bağırsaqları, maşın yollarına dağılmış vəziyyətdə can verən yerdə görürəm… Bəzənsə ona öz həyətimizdə, qapımızın ağzında rast gəlirəm… Qapımızın ağzında o, qəmgin gözlərlə üzümə baxır, elə bil məni də özü ilə aparmaq istəyir…
PƏRƏKLİ SƏNƏTÇİ
Görkəmli bir yazıçı tanıyıram ki, heç kimin dəyib-dolaşmadığı, insanların dərin hüznlü hörmətlə xatırladığı tənha iş otağında oturub, çarxlı kreslosunda o yan- bu yana hərlənə - hərlənə, səhər-axşam şübhə və qorxu dolu sayıqlıqla havanı iyləməkdən burun pərəkləri yoğunlaşıb…
ZARIYAN ADAMLAR
Ətrafımızda daim elə adamlar tapılır ki, aylarla, bəzən illərlə görməsən belə, hardansa, hansı dəliklərdənsə, onların ürəkgöynədən zarıltılarını eşidirsən... Onlar daim nə isə istəyirlər, səni nədəsə ittiham edib küsürlər, inciyib sıtqıyırlar...
Arada bir başını həmin o zarıltılı, yarıqaranlıq dəliyə salıb bu iniltilərlə üz-üzə, nəfəs-nəfəsə dayanmasan, bu zavallı insanların dünyanı, hikkədən göyərmiş dodaqları sənin adınla inləyə-inləyə tərk edəcəklərini duyur, qalan ömrünü, kürəyindəki “günahkar” damğasıyla yaşayacağından ehtiyatlanırsan.
AQRESSİVLİK
Bu səhər, marşrut taksisinin balaca, dar salonuna zorla - qısır əl-ayağının köməyi ilə minən ortaboylu, dolubədənli şikəst bir kişinin mavi, qaynar gözləri, yekə, kobud ağzı mənə, hərəkətsizlikdən az qala qanı çəkilən bu balaca əlləri və ayaqları böyüyüb yaşamağa qoymayan bu kobud ağızın, diri gözlərin sirrindən xəbər verdi...
NÖVBƏTİ KƏŞF
Son bir neçə ili məni yalnız insanın fiziologiyası maraqlandırır. Oxuduğum da yalnız bu ədəbiyyatlardı. İnsan hüceyrələri, qanının temperaturu və tərkibi, daxili orqanları, dərisi və saçları, xəstəlikləri…
Gecələr yuxuda ikən içimdə balaca, isti heyvanlar kimi böyür-böyürə dayanıb nizamla işləyən, sakit-sakit açılıb-yumulan, yığılıb - genişlənən, döyünüb titrəyən ürək - ciyəri, bağırsaqları və dalağı mənə, bədii obrazlarla dolu ədəbi şedevrlərdən qat-qat maraqlı gəlir.
Məni ədəbiyyatdan uzaqlaşdıran bu xəstəhal maraqdan narahat olsam da, bu balaca, sulu əzaların insan haqqında, ədəbiyyatdan və fəlsəfədən qat-qat dəqiq şeylər deməsini anlamağa başlayıram…
OYNAQ PROSESLƏR
Zaman ötdükcə, illər növbələndikcə, nələrinsə - möhtəşəm mənəvi abidələrin, “əbədi dəyərlər silsiləsi”ndən olanların, zamanla bir, yüngül, ötəri ahənglə hayanasa, haralarasa axıb itməsi, nələrinsə - zahirən, guya heç bir dəyəri olmayanların, hansısa anlaşılmaz qanunlara uyğun, dəyərini, yerini itirmədən, dayandığı yerdəcə durması - Əbədilik barədə daha dərindən düşünməyə vadar edir...
FƏLSƏFƏ VƏ ƏDƏBİYYAT
Gah ədəbiyyatla, gah da fəlsəfə ilə məşğuliyyətlərim zamanı daim fikirləşirəm ki, mənə yaxın olanı hansıdı?.. Fəlsəfə, yoxsa Ədəbiyyat?!. O dəqiqə də cavabını alıram: əlbəttə ki, Ədəbiyyat.
Fəlsəfənin ki, sehri yoxdur. Fəlsəfə - bu və bəzən səthi də olsa, O dünyanın qanunlarını tədqiq edir.
Ədəbiyyat isə bu qanunlardan yuxarıda olanlarla məşğuldu…
QANUN POZUNTULARI
Əslində, bu dünyanın “yazılan” və “yazılmayan” qanunlarının heç biri işləmir… “Haqsız dünya”, “fani dünya”, “yalan dünya” və sair bu kimi ifadələrlə də, heç cür işləməyən bu qanunları işə salmaq, nəyəsə ədalət, məntiq donu geydirmək mümkün olmayacaq…
…Hər an tük incəliyi dəqiqliyi ilə işləyənsə - bizlərin dərk etmək iqtidarında olmadığı hansısa ayrı - izaholunmaz proseslərdi...
Allah həmin o prosesləri idarə edir.
ÖLÜM İMPROVİZƏSİ
Ölüm haqqında fikirləşərkən, bədəninin, mümkün qədər çəkisiz, ətsiz və susuz olmasının zəruriliyini anlayırsan…
O dünyanın, qaranlıq, dibsiz sularabənzər səddlərindən keçərkən, bu suların çəkisizliyinə uyuşmayan ağırlığının - bir yığın ətinin, sulu əzələlərinin, öz yöndəmsiz ləngliyi ilə törədə biləcəyi əngəllikləri düşünərkən vahimələnməyə bilmirsən…
ƏYLİSDƏN ƏYLİSLİYƏ
Özünü, hay-küylü şəhərdən, şəhər həyatının miskin üzüntülərindən ayırıb, uzun müddətdən bəri uzaq Əylisə - sakit, sıx ağaclığın arasında bitən tənha evinə sığınan Əkrəm Əylisli ilə qısa telefon söhbətimiz zamanı, onun hələ də şəhərdə olduğunu anladım…
DOĞMA ÜZLƏR SİLSİLƏSİNDƏN
Bəzən, maşın yollarında, iztirablı, miskin küçə həyatından cana gəlib, özlərini bilərəkdən qızmar çarxların altına atıb öldürmək istəyən heysiz, ac itlərin üzləri mənə - Ədəbiyyatın dolama - dolaşıq dəhlizlərində çaşıb azan bir qisim istedadlı qələm dostlarımın - evsiz-eşiksiz, pulsuz-parasız, əsəbi, acıqlı adamların doğma üzlərini xatırladır...
TƏNHALIQ MƏNZƏRƏLƏRİNDƏN
Bir qədər diqqətli olsaq, əlacsız dərəcədə tənha olduğumuzu, tənha olmadığımız məqamlarda belə - ən yaxın, doğma adamlarımızın əhatəsində də hiss edərik.
Bu sayaq isti, doğma cəmiyyətlərdə belə, guya kimlərəsə dediyimiz ən səmimi sözlərimizi, duyğularımızıi, əslində özümüzə dediyimizi anlayarıq…
ANA OCAĞI
Bu yaxınlarda üzücü bir faciənin şahidi oldum…
Bütün ömrünü, ailə qurmadan xəstə anasına qulluq etməyə həsr edən, həyatının ən gözəl illərini, şəhərin uzaq, darısqal məhəllələrindən birində, dörd bir yanı, baxımsız, qoca qonşularla - dinməz qarılar və axsaq qocalarla qaynaşan qədim, havasız bir mənzildə, daim harasısa ağrıyıb sızıldayan, güclü dərmanların təsirindən dəmləşib sərxoş ahənglə elə hey ora-burasından danışıb sıtqayan anasıyla - «r» hərfini deyə bilməyən kök, bığlı qadınla keçirən N. xanımın dəfn mərasimində - canı bu məşəqqətdən yenicə qurtarmış bu zavallının, imkansızlıq ucbatından, yenidən anasının yanına - xırda qəbirlərin arasındakı darısqallıqda bitən köhnə qəbrin içinə basdırılması mənə, dahiyanə əsər sonluğunu xatırladırdı…
Qaranlıq darısqallığı, havasız sakitliyi ilə, onsuz da qəbir evini xatırladan ikiotaqlı qədim mənzildən, bu mənzilin qorxunc sahibəsi - Əjdaha Anadan yenicə qurtulmuş incəqəlbli xanım, yenidən anasının yanına - onun daha dar mənzilinə, bu dəfə əbədilik köçürülürdü…
Məzarın üstü torpaqlandıqca, neçə illərdən bəri şahidi olduğum bu faciənin sona çatdığını duyur, kədər dolu hüznlə, aramla bağlanan ağır, tozlu pərdələrin xışıltısını eşidirdim…
HAZIRLIQ ƏHVALI
Getmək məcburiyyətində qaldığım məclislərdən, yaxud kimisə, kimlərisə qəbul etməli olduğum günlərdən əvvəl düşdüyüm xəstəhal halım - yuxusuzluq, əsəbilik, zəiflik və hətta, son vaxtlar yaranan boğaz gəlmələri və sair, bu həddən ziyadə həssas hazırlıq halımın, get-gedə daha da qəlizləşəcəyindən, növbəti dəvətlərdən və təşriflərdən əvvəl qızdırmamın qalxacağından xəbər verir...
MƏİŞƏT ƏZABLARI
Hər səhər evdən, min bir məişət problemlərini həll edəcək konkret qərarlarla çıxır, Mərkəzə çatdıqda, doğma üzlərin, həyəcanlı zənglərin, Mərkəzin divarlarından axan ecazkar duyğular burulğanının içinə düşür, axşamacan orda - maddi dünyadan uzaq, sirli bir qatda vaxtı duymadan, şüursuz vəziyyətdə çabalayır, axşamüstülər geriyə - evə qayıtdıqca, məişətin qəribə bir yüngüllüklə hardasa uzaqlarda, qatar fitinə oxşar fitini verə-verə məndən uzaqlaşdığını duyuram…
ACGÖZ YER
Yaxşı yaşamaqdan ötrü yumşaq və parlaq Yer uğrunda mübarizə aparan insanlarla bərabər, bu Yerlərin özlərinin də insanlarla bağlı müəyyən mistik məqsədlər güddüyünün şahidi oluruq.
Mərhum Səməd Vurğunun - insanpərvər el şairinin, vaxtı ilə rəyasət heyətlərində, fəxri kürsülərdə, dövlət lojalarında tutduğu Yerin, sonradan, onun böyük oğlu - həssas, həlim qəlbli Yusif Səmədoğlunu, Yusif Səmədoğlunun ölümündən sonra isə, cəmiyyətdən daim kənarda - «siyasət», «deputat», «aparat» anlayışlarının işləmədiyi şəffaf döngələrdə, öz dinc şair həyatını yaşayan Vaqif Səmədoğlunu da qəribə bir acgözlüklə udduğunun şahidi olduqca, həmin bu Yerlər barədə növbəti sirli həqiqətin astanasına çatırıq…
ZƏLZƏLƏNİN HƏQİQƏTİ
Nədənsə insanlar gecə-gündüz üstündə rahatca yeridikləri, maşın sürüb hündür-hündür evlər tikdirdikləri, pul qazanıb «əbədi» gələcəkləri üçün topdağıtmaz dayaqlar qurduqları Yer kürəsinin, bomboş havadan müəmmalı şəkildə asıldığını yalnız zəlzələlər vaxtı anlayırlar…
MUSİQİ SƏDAQƏTİ
Dünyalarını dəyişmiş bəstəkarların musiqilərindən qəribədi ki, O dünyanın qoxusu gəlir... Və hətta mahnılarını, yaxın günlərimizəcən sağlıqlarında dinlədiyimiz bəstəkarların musiqiləri belə, müəllifləri dünyalarını dəyişdikdən bir müddət sonra, elə bil ünvanlarını dəyişir, bizlərdən uzaq, hansısa ayrı Ərazilərin musiqisini ifa edirlər…
FİLOSOF UŞAQ
…Neçə vaxtdan bəridi beş yaşlı oğlumun, mətbəxdə oturub çörək yediyimiz məqam qəfildən mənə dediyi sözün təsiri altındayam…
«Əslində insanda hər bir şey ölüdü… Gözlərdən və səsləndən savayı…»
MƏRKƏZİN MƏKRİ
Mərkəzin, son illərin siyasi, ictimai, təbii zəlzələlərindən və leysanlarından qaralıb nəhəng çatlar atmış binasının əlavə tikilisi - bir vaxtlar hansısa naməlum, qaranlıq yollarla Mərkəzdən alınıb ticarət obyektinə verilən, illər ötdükcə, gah restorana, gah mehmanxanaya, gah banka çevrilsə də, yenə də müflisləşən bina, hər il qaşınıb suvansa da, rənglənib bəzənə-bəzənə, yenə yağışın, küləyin, soldurub qaraltdığı kasıb ədəbiyyat ocağının - Mərkəzin əlavəsinə bənzəyir.
KİF İMPERİYASI
Naqis mühitlərdən, mənəvi miskinliklərldən çıxan adamlar, bir cür nəmiş qoxulu, ucuzlu panel evlərdə yaşamaqdan əyin-başları daim kif qoxuyan, kasıb insanlar kimi, adamda ürək sıxıntısı yaradır.
PƏRƏSTİŞ FƏSADLARI
Bir çox oxucularım, xüsusən qadın pərəstişkarlarım mənimlə görüşərkən, əsərlərimin məziyyətindən danışa-danışa, üzümü - şəhərlər və səhralar, çaylar və dənizlər dolu coğrafi xəritəni tədqiq edən tək, xüsusi gərginliklə tədqiq edirlər...
MÜDRİKLİYİN ASTANASINDA
Yaşa dolduqca, ən coşğun, emosional hisslər yaşadığın məqamlar belə, bu ecazkar vəziyyətinin arxasında heç bir real dayağın olmadığını anlayır, coşğunluğunu, qazın gücünü azaldan təki, altdan-altdan azaldır, bu qəddar, yersiz sayıqlığınla barışmalı olursan.
İNQİLABÇI RUH
Son illərin məşəqqətli günlərinlən birində, maddi və fiziki iztirablar burulğanında çabaladığım dövrlər - qansız, heysiz bədənimlə, xəstə sinirlərimlə küçələri dolaşdığım bir gün... birdən-birə, necəsə, təsirindən az qala qulaqlarımın tutulduğu, gözlərimin qamaşıb ağrıdığı hansısa ecazkar hissin pardaxlanıb bütün vücudumu titrətdiyindən, getdiyim yerdə ayaq saxladım...
…Mən, şəhərin mərkəzi küçələrindən birində, evimizin lap yaxınlığında… həm də hardasa tamam ayrı məkanda… - binaların, ağacların və adamların öz maddiliyini itirib cansız rəsmlərə bənzədiyi rahat, ilıq bir boşluqdaydım... Bu ecazkarlığa, bu çəkisiz səadətə tab gətirməyə gücümün çatmadığını, gözlərimdən süzülən izaholunmaz sevgi və minnətdarlıq yaşlarınlfy uçunduğumu hiss edir, bu anlaşılmaz vəziyyətimin nə ilə əlaqədar olduğunu başa düşə bilmirdim...
Bu halımın nə olduğunu mən yalnız bir neçə ay sonra, bir axşam sakit mətbəximin küncündə tək tənha oturduğum yerdə, qəfildən anladım...
Bu, sonsuz məişət üzüntülərində, miskin maddi əzablar məngənəsində sıxılıb, gərilib, bölünmədən, xırdalanıb əzilmədən, hardasa gizlidə qorunub yaşayan, yaşadıqca, gizli yuvasında güclənən, böyüyüb boy atan Ruhumun, bataqlıqdan çıxan kimi sivrilib üzə çıxması idi...
Bu sayaq inqilablar da olur.
XƏSTƏLİYİN HƏQİQƏTİ
Nəyə görə insan, yalnız xəstə vəziyyətdə hər şeyi düzgün anlayır?..
KLASSİKANIN ƏBƏDİSİZLİYİ
Lev Tolstoyu sonacan oxuya bilmirəm. Hər dəfə mütaliəsinə başladığım “Hərb və sülh”ün, “Anna Karenina”nın, “Dirilmə”nin səbrli qəhrəmanlarının uzun-uzadı, lüzumsuz, təfərrüatlı söhbətlərində boğulub ölməməkdən ötrü, bu qalın, iddialı kitabları tezcə örtüb gözdən iraq yerdə gizlətməklə onlardan xilas oluram.
NAĞIL QƏHRƏMANLARI
Natiq Səfərov Andersenin “Buz kraliça” əsərindəki düymə boylu, mehriban nağılçını xatırladır.
Doğmalıq və həyat eşqi, nisgil və ağrı dolu xırda gözləri ilə, cibindən çıxardığı az qala, özü boyda burun yaylıqlarıyla, yanımlığı və mehribanlığıyla balaca, xeyirxah şimal nağılçısını xatırladan bu qədim dostumun danışdığı «isti nağıllarda» mən özümü - soyuq, əzəmətli Buz Kraliçası hiss edirəm..
YUXU
...Bu gecə yuxuda Yusif Səmədoğlunun dəfnini görürdüm.
...Yusifin tabutunu yalın dağın döşünə dolanan əyri-üyrü cığırlarla harasa yuxarı - dağın zirvəsinə sarı aparırdılar... Vaqif Səmədoğlu lap yaxınlıqda idi... ləng, tutqun səsiylə nə isə Yusifdən danışırdı...
…Qəfildən yaxınlıqda sınıb havaya dağılan nəyinsə iti, şəffaf qəlpələrindən biri iynə itiliyi ilə, nəfəsimlə bir sinəmə yeridi, ciyərimə sancıldı...
Səhəri günü, sonra hələ bir neçə gün də, öskürək tutmalarında, ciyərimdə tərpənib orda nəyisə cıza-cıza laxlayan həmin o iynə qəlpəsiin itiliyini hiss etdim...
MİRVARİD DİLBAZİNİN DEMƏK
İSTƏDİKLƏRİNDƏN
…Mirvarid xanım dünyasını dəyişən günün axşamı mənə səhvən vəfat edənin, mərhumun bacısı Əminə Dilbazid olduğunu xəbər verdilərsə də, o axşamın gecəsi bütün yuxumu Mirvarid xanımla keçirdim…
…Yuxu boyu Mirvarid xanım buz kimi soyuq, cansız yanağını yanağıma dirəyib dinməzcə göz yaşı axıdır… bizdən savayı ayrı sərnişini olmayan boş avtobus bizi bozumtul, bürkülü yollarla silkələyə-silkələyə hey harasa aparır… mən kövrəlir, Mirvarid xanıma demək istədiklərimi heç cür yadıma sala bilmir… avtobus heç cür mənzil başına çatmır… Mirvarid xanımın gözünün yaşı bitmir… nə yolun bürküsü tükənir, nə yanağımın istisi Mirvarid xanımın yanağının soyuğunu ovutmurdı…
TƏƏSSÜRAT
Musiqi Akademiyasının divarlarındakı nəhəng, yağlı portretlərdən baxan dahi bəstəkarlarımızın üzlərindəki qəribə günah ifadəsi onların, bir vaxtlar bəstələdikləri əsərlərə artıq heç bir aidiyyatları olmadıqlarından xəbər verir...
QORXUNC TAMAŞA
Yaşadığı darısqal həyat məngənəsindən cana yığılıb, cavan yaşlarında intihar etmiş istedadlı bir yazıçı barədə yazarkən, dolaşdığı ucuz qəlyanaltıxanaların ürəkbulandıran qoxularının yazıya yayıldığını, işlədiyi eybəcər idarənin havasının, canıma hopub, məni mühasirəyə aldığını, dörd bir yanımı qapayıb, mənim də bağrımı çatlatmaq istədiyini duydum… və yazını qovluğa qoyub, min bir təhlükə saçan yoluxucu leşin üstünü bağlayan tək, tələsik ağzını bağladım.
SAYQAC ADAMLAR
Tez-tez quru dilləri ilə dodaqlarını yalayan bir qisim adamlar var ki, dilçəyi, fasiləsiz hərlənə-hərlənə nələrisə hesablayan elektrik sayğacına bənzəyirlər…
ROMANDAN ÇIXMAĞIM BARƏDƏ
Hətta gecələrin belə - bütün şəhər yuxuda ikən, sakit, yuxulu mənzilimdə baş verən hadisələrin - üstündə, kimsə ehtiyatla gəzirmiş kimi, xəbis cırıltıyla cırıldayan döşəmənin, divarın o üzündəki qapıları öz-özünə açılıb bağlanan mətbəx şkaflarının, dəqiqədə bir, bağlı pəncərələrdən içəri sızıb pərdələri qorxunc-qorxunc tərpədən sirli küləklərin belə, romanıma işlədiyi vaxt roman həyatımın ömrü uzun olmadı…
Hər şey, yeni ili qarşıladığımız şəhərkənarı evimizdə, neçə-neçə yaxınlarımın, qonum-qonşunun dörd bir yandan üstümə yağdırdıqları sualların, yersiz izahların və təriflərin badına getdi… Bu iki, üzücü günün zədəsini - bayram əhvalını yaratmaq xatirinə deyilən saxta sağlıqların, müxtəlif tərkibli, çoxlu yeməklərin, nəfəskəsən, gözqaraldan söz yığnağının, yuxusuzluğun və sair və ilaxırın ağır nəticələrini mən yalnız bayram bitdikdən sonra - ölümcül halda şəhərə - öz sakitliyimə, əlyazmalarıma qayıdanda hiss etdim…
…Yüz səhifədən çox yazılmış təmiz materialda və bir o qədər də, bundan sonra işlənəcək parçaların qeydlərində, mənə və romana aid olan heə nə yox idi...
MOTSARTIN GÜCSÜZLÜYÜ
Şəhidlər Xiyabanının kədərli izdihamı üçün çalınan böyük «Rekviyem» də, insan dərdlərinin, yanıqlı ah-nalələrin gedib çatmadığı hansısa ilahi, cod yüksəkliklərdə gəzişən dahi Motsart da, illərlə bu faciədən, bu hüznlü təntənədən, tənha quzu mələrtisini andıran qaboyun yeknəsəq sədaları altında, həmin bükük boyunlarla, anlaqsız üzlərlə ötüb-keçənlərə əlac edə bilmədi...
İLAHİ DUYĞULAR
Quranda deyilən hikmətli fikirlər arasında, Hamıdan Uca Allahın Peyğəmbərə söylədiyi İlahi kəlamlardan - hardasa çox-çox uzaqlarda elə indicə partlamış nəhəng, hüdudsuz olan Nəyinsə titrəyişini, sənə sarı kükrəyən əzəmətli dalğaların təsirini duyur, hər növbəti Kəlamda, bu sirli təlatümün təsirindən qəhərlənir, nə vaxtdansa - bəlkə də lap gözünü dünyaya açandan bəri kimlər tərəfindənsə atıldığını, burda nə vaxtdan bərisə tək-tənha, kimsəsiz yaşadığını qəribə bir həzinliklə anlayır, lap yaxınında duyduğun bu ecazkar doğmalıqdan izaholunmaz niskil duyursan…
ƏDƏBİ MƏNZƏRƏLƏRDƏN
Yazı masamın bir küncündə saxladığım, arada bir, saçlarımın, üz-gözümün vəziyyətinə baxmaq üçün boylandığım əl böyüklüyündə dördkünc güzgüdən, səhər-axşam nazik qələmin belinə atılıb qələmi qorxunc at kimi çapan, çapdıqca onun qanını soran, sorduqca bürüşüb, bükülüb qocalan əlimi, bir də, vərəqlərin üstü ilə - buzda sürüşən təki, təkbaşına, əsəbi bir rəqslə süzən qələmimin, gərgin quyruğunu görürəm…
YARADICILIQ FƏSADLARI
Qəribədi ki, ağır günlərdə - kiminsə qəfildən əlacsız, çarəsiz xəstəliyə tutulduğu, ya kiminsə qol-qıçının sındığı, əzizinin qəzada, ya hansısa fəlakət üzündən dünyasını dəyişdiyi faciəvi məqamlarda, nədənsə, bütün yazdıqlarıma və ümumiyyətlə, bütün yazılanlara görə xəcalət çəkirəm.
QAYIDIŞ FƏSADLARI
Bəzən uzun müddət məişətə qapıldığım, qızlarımın, oğlumun problemlərinə ifrat aludə olduğum uzun - uzadı günlərin hansısa döngəsində, qəfildən, ürək üzən yuxudan ayılan təki, ayılıb geriyə - özümə çönərkən - atılıb unudulmaqdan sınıxıb, üzülüb arıq, qoca quşa bənzəyən bu qadını, qucağıma alıb ovutmaq istəyirəm…
XİLAS BİCLİKLƏRİ
Tanış-bilişin, qohum-əqrəbanın, dönə-dönə, heyrətə gələ-gələ, yüksək qiymətləndirdikləri virtuoz evdarlığım - daim ideal təmizlikdə saxladığım ev-eşik, sağlam və tərbiyəli uşaqlar, ləziz və xeyirli naharlar, evlə, məişətlə bağlı ən xırdaca maneələrin, havadaca həll olunması və sair, əslində mənim, bu təmiz evimdən və uşaqlarımdan mümkün qədər tez və uzun müddətə xilas olmağımdan ötrüdür.
DUYĞU YOLU
İnsan duyğularıyla əfsanəvi Kainat dəhlizləri arasında uyarlıqlar çoxdur. Böyük Həqiqətlərə məhz duyğularınla - ulduzdan-ulduza aparan milyon işıq illərini ən qısa, görünməz dəhlizlərlə göz qırpımında keçən kimi, qısa məsafələrlə çatırsan...
CİNSSİZ QƏDİMLİK
Yaşa dolduqca, əksər kişilərin getdikcə qadınlaşması, qadınlarınsa böyük əksəriyyətinin getdikcə kişiləşməsi, bu cinsi fərqlərin nə vaxtsa olmadığı, hansısa qədim, əzəli cinssizliyindən xəbər verir.
İMPERİYANIN TƏRİFİ
Duyğular imperiyası - yaddaşı, əfsanəvi gəmi qəzalarıyla, ölüb getmiş dəniz otları və yosunlarla, qaranlıq, sirli dərinliklərdə boğulmuş saysız ölüləri və köpək balıqlarıyla dolu, ucsuz-bucaqsız okean sahilindən götürülmüş bir ovuc balıqqulağıdır…
SADİQ CANGÜDƏN
Ən çətin məqamlarda - məhv olmağın bir addımlığında məndə oturan, bir neçə yaş böyük, səbrli, sayıq cangüdəni duyuram... O, məni, cəsarətim çatmayan hərəkətlər etməyə, ağlıma gəlməyən sözləri deməyə, deyilməsi mümkün olmayanları yazmağa sövq edir, yolumu, keçilməz alaq otu kimi bitib bağlayan maneələri, otu biçən kimi, biçib təmizləyir. Bunlardan da bir şey çıxmayanda, məni məhv edib, əvəzimə Özü yaşayır.
OVQAT SƏYAHƏTİ
…Bu səhər Vaqif Cəbrayılzadəyə zəng vurub hal-əhval tutarkən, onu qəribə ovqatda yaxaladım.. O, heç bir girişsiz - filansız, qəfildən əsərlərimdə görmək istədiyi gözəlliklərdən, dünyanın gözəl tərəflərindən - dahi Servantesdən, Don Kixotun, xarabalıqda bitən bir yeməkxanada rast gəldiyi dilənçi qadınları şahzadə cildində gördüyündən, ingilis dənizçilərindən, ispan coğrafiyaçılarından, uzun illər Aralıq dənizini nəzarəti altında saxlayan cəsur dəniz qulduru Xeyrəddin Barbarosdan danışa-danışa bu əfsanəvi zaman və məkan ölçülərindən - möhtəşəm tarixi hadisələrin və dövrlərin arasından qəribə bir çəkisizliklə adlayır, dünyanın müxtəlif qütblərində dalğalanan dənizlərə, okeanlara ovcunun içində baxır, bu səyahətlərindən getdikcə elə bil daha da ilhamlanır… mənsə, dəstəyin o üzündə - Vaqifin səsinin arxasında dalğalanıb şahə qalxan soyuq okeanların uğultusunu, nəhəng gəmilərin ağır avarlarının taqqıltısını, əfsanəvi ispan atlarının kişnərtisini eşidirdim...
ƏHVALIN GÜCÜ
Yüksək əhval-ruhiyyədə qəribədi ki, vurduğun çırtmanın da səsi dəyişir.
YENİ OBRAZ
Gözümə itdirsəyi çıxanda, yaxud səsim batanda özümdən xoşum gəlir. Görünür belədə ayrı - bir az daha yaxşı, bir az da yazıq adama oxşayıram…
HƏYAT MARŞRUTU
Dünya o qədər çoxlaylı, çoxhücrəli, soxsərhədli və çoxrənglidir ki, bu müxtəliflik bolluğunun içində başını itirib hər toxumanla bir yana dartınmamaqdan ötrü - evini, ailəni, işini, dostlarını, hansısa xətt üzrə cərgələyən dəqiq həyat marşrutu müəyyən eləməlisən ki, çaşıb bu marşrutun sədlərindən kənara - radio dalğalarının pozuntularını andıran sürüşkən qatmaqarışığa düşməyəsən.
PİŞİYİN ÜSYANI
Bəzən, aylar və illərlə dinməz - söyləməz aramızda dolaşa - dolaşa hamımıza səbr və hövsələylə davam gətirən, hərəkətlərimizi və sözlərimizi altdan-altdan güdüb hey təmkinlə nəyisə gözləyən boz pişiyimizin, günlərin bir günü boğazındakı dəri qayışını, başından papağını çıxaran kimi, boğazından sivirib stola çırparaq:
- Kifayətdi!.. - deyəcəyini hiss eləyirəm…
QƏLİZ QONŞU
…Nədənsə məsciddə özümü, qəliz xasiyyətli, təkəbbürlü qonşumun evində hiss edən kimi hiss edirəm.
QORXULU KONSERT
Ötən həftə Musiqi Akademiyasının böyük səhnəsində konsert verən gödəkboylu amerikalı vokalist qadının getdikcə uzanıb böyüyən köpək dişləri, oxuduğu həzin romanslara qəribə, şübhəli ahənglər qatırdı…
MUSİQİLİ RUHLAR
Musiqi alətləri - bir vaxtlar bu dünyada yaşamış, sonradan öz dünyalarıyla birgə məhv olub getmiş istedadlı insan ruhlarına bənzəyir. Onların hansının qadın, hansının kişi olduğunu, hansının kövrək və incə təbiətli, hansının qəddar və cazibədar, hansının laqeyd və mülayim, hansının təkəbbürlü və şıltaq olduğunu ayırd eləmək də bir o qədər çətin deyil. Bu mənada, onlardan ən qəlizi pianodur. O - yarıkişi, yarıqadın filosofdur.
DAHİLİYİN ASTANASINDA
Bu dünyada ən çox qorxduğum şeylərdən biri, məişətdi.
Bəzən dəqiq hiss eləyirəm ki, məni məhv eləmək gücü yeganə ondadı. Tədricən toz yığan künclərin, çirkli paltarları eybəcər sirr kimi içində gizlədən nəhəng paltaryuyanın, yağlı qabları nifrətlə qucağında saxlayan əl-üzyuyanın, bütün günü məkrli səbrlə məni güdə - güdə hərəkətlərimi izləməsindən duyduğum anlaşılmaz günah hissi məni damla-damla məhv edir. Bu məkrli məişət quldurlarının səbrləri tükəndikdə nə hoqqalar çıxara biləjəyini düşündükjə, vahimədən gözlərim qaralır... Odu ki, qorxumdan, gün ərzində görəjəyim bir işi iki dəfə görür, tozu künjlərə çökmək ərəfəsində, havada ikən tozsoranla udur, qabları, əl-üzyuyana əziyyət verməmək üçün, yağı hələ soyumamış yaxalayıram.
Son bir neçə ili, bu qorxu məndə unikal evdarlıq qabiliyyəti yaradıb. Mən dörd saatlıq işi otuz dəqiqəyə yerləşdirir, öhdəsindən on adamın gələ biləcəyi ən ağır işləri, heç bir çətinlik çəkmədən, göz qırpımında, yüksək dəqiqliklə həll edirəm.
Dəqiq bildiyim odu ki, bütün bu əməliyyatları mən əllərimlə yox, beynimlə yerinə yetirirəm. Mən gördüyüm işləri yox, iş gördüyüm zaman kəsiyini sıxışdırıb işlərin içinə yerləşdirirəm.
Bu, ən azı dahilikdi.
ELEKTRİK QOHUMLUĞU
Son vaxtlar fəndgir elektrik cihazlarının mənimlə hansı sirli xəttlərləsə əlaqəyə girməsi - televizorun, beynimdən keçən suallara həmin dəqiqə - qadın, yaxud kişi səsiylə cavab verməsi, işığın, sözümə etirazla yanıb-sönməsi, yaxud təsdiq işarəsiylə göz vurması, paltaryuyan maşının, ərimin paltarlarını yumaqdan imtina edərək, onları qəsdən mənə yuduzdması və sair, bu cihazların hansısa gizli qüvvələrlə əlaqədə olduğuna şübhə yaradır.
VİDA GECƏSİ
...Dünən, bütün axşamı dahi italyan bəstəkarı Ennio Marikonenin musiqilərinə qulaq asdıqca, pəncərədən çölə baxmadan, qaranlıq şəhərin müxtəlif məhəllələrində, saysız-hesabsız binaların və adamların arasında, nöqtələrəbənzər işıqlı pəncərələrin hansılarınısa o üzündə bir-birindən xəbərsiz yaşayan Vaqif Cəbrayılzadəni, Ramizi, Əkrəm Əylislini, Natiqi düşünür, qəribə, anlaşılmaz nisgil hissləri keçirir, niyəsə bir-bir onlarla xudahafizləşirdim...
YAZIÇI YUXUSU
Son vaxtlar yazıyla çox məşğul olduğumdan, ya nədənsə, elə bil tədricən danışıq qabiliyyətimi itirirəm...
Adamlarla çətinliklə danışır, dilimdən çıxan köntöy ifadələrin iztirabından üzülür, demək istədiklərimin əvəzinə, mətləbə dəxli olmayan sözlər işlətdiyimdən dilxor oluram.
Danışıq, şifahilik son vaxtlar mənə kobud və yöndəmsiz görünür.
…Görünür, mən yavaş-yavaş yazıya çevrilirəm...
Sözlər, durğu işarələri, ayrı-ayrı ifadələr, yuxularımda da məni rahat buraxmır… yanımlı qohum-əqrəbam kimi başıma yığışıb dərdimi çəkir, sadiq ev heyvanları tək, dinməz-söyləməz üzümə baxırlar…
Bir sıra sözlər də var ki, onlar heç cür yaxınıma gəlmir, gözümün qabağındaca şəffaf burulğanlarla haralarasa sümrülür, hansısa uzaqlıqlarda ilğımvari dalğalarla yanıb-sönür, bəzən də durduqları nöqtədəcə göz qırpımında yoxa çıxırlar.
Bu işvəli sözləri ələ almaqdan, yola gətirməkdən ötrü onlara ən gizli sirrlərimi açır, ən gizli duyğularımla bölüşürəmsə də, nə sirrlərimin, nə də duyğularımın kara gəlmədiyindən üzülür, ürək döyüntülərimin ləngidiyini hiss edirəm…
Bu naməlum ecazkar sözləri heç cür ələ ala bilməməyim, məni əldən salır və mən… qədim nağıllardakı sıldırımlı qayaların əlçatmaz zirvələrində bitən əfsanəvi ağacların ən uca budaqlarından asılan şüşə sandıqçalardakı büllur iynənin sınmağından qorxan divlərin qorxusunu keçirirəm…
Sonra necəsə, yuxunun hansısa məqamı bu inadkar sözlərin dilini heç vaxt bilə bilməyəcəyimi, onların heç vaxt mənimki olmayacağını qaçılmaz, qorxunc həqiqət kimi anlayır... bu sözlərin kiminsə olduğundan duyuq düşür və miskin vəziyyətdə onları tərk edirəm…
ƏDƏBİ FRAQMENT
Görən niyə bu günəcən yazdıqlarım mənimlə deyil?.. Niyə mən onları hər an, hər saniyə, əlimi, ayağımı hiss edən kimi, özümdə, canımda hiss etmirəm, saçlarımı boynumun ardına yığıb sancaqlayan kimi, özümə sancaqlaya bilmirəm?..
…Bəzən hardasa, nəşr olunmuş hansısa mətndə, bir yığın yad cümlələrin arasında, sitat şəklində rast gəldiyim cümləmdən elə sarsılıram, elə bil oxuduğum, mənim yox, mənim tanımadığım, nə demək istədiyini heç vaxt sonacan dərk edə bilmədiyim hansısa naməlum müəllifiə məxsusdu... Bəzən də, nə vaxtsa yazıb sonradan unutduğum cümlələrimə - uzaq uşaqlıq şəkillərimdəki gözlərimə baxan kimi baxır, onları unutduğuma görə qəribə günah hissi yaşayıram...
ƏDƏBİ TAUN
Ötən həftə Natiqlə birgə, məcbur olub, “fəlsəfi” epitetlərlə dolu, eybəcər bir yazının səhifələrini vərəqlədiyimiz zaman hər ikimizin halı birdən-birə xarablaşdı...
Adi çap şriftlərinin əvəzinə, sanki taun, yaxud yatalaq xəstəliyinin mikroblarıyla qaynaşan bu səhifələri, yoluxucu dəlillər kimi bir-birimizə ötürdükcə, Natiqin qonur bəbəkləri yığılıb kiçilir, oturduğu yerdə nəfəsi təngiyir, mən - qızdırmalı üşütməylə üşüdür, bu istedadsız cümlələrin hansısa daha qorxunc təhlükəsindən duyuq düşürdüm…
YARADICI BAZARLIQ
…Ötən bazar səhər tezdən iş otağıma çəkilib orda əlimdə qələm, həftəlik bazarlığın siyahısını tutduğum məqam otağın qapısını aralayan ərimin, mənim “yaradıcı əhvalıma” mane olmamaqdan ötrü, dinib danışmadan geriyə çəkilib qapını ehmalca bağlaması məndə, tutduğum siyahıya qəribə maraq oyatdı…
O DÜNYANIN SİRLƏRİNDƏN
Bəzi sirli məqamlar Allahın məiyyətinin - görünməz vücudlarıyla insanların çiyinlərinə qonub başlarının üstüylə hərlənən, gündəlik həyatlarını və talelərini yönəldən mələklərin bizlərdən qat-qat zəif və səthi olduğunu duyuram…
VYANA SIXINTILARI
Əsl vyanalılar O dünyanın sakinlərinə bənzəyirlər… Bu, ətrafdakı gözəlliklərə tam laqeyd, solğun bənizli, kürən insanlardır. Vyana, başdan-başa bu insanlarla doludu. Firavan asudəlik həyatından cana doymuş bu yüksək təminatlı rahat insanlar burda, elə bil həyatın bitbir qurtardığı, ömürlərinin son günlərini yaşadıqları hansısa ilıq sərhəddə yaşayırlar.
BAKİRƏ CANİLƏR MUZEYİ
Vyana muzeyləri, xüsusən Vyananın ən iri təsviri sənət muzeyi olan əzəmətli Kuns-istori - ərlərinin kəsik başlarını, məmnuniyyətlə, cürbəcür giləmeyvələrlə, xırda çöl çiçəkləri ilə bəzədilmiş məcməyilərdə nümayiş etdirən məsum üzlü, nikbin qadın portretləri ilə doludu…
ŞOTTEN KİRXEDƏ
Vyananın mərkəzi kilsələrindən birində - Şotten-kirxedə, orqanın ilahi sədaları altında diz çökərək, əbədi, ilahi məhəbbət barədə kədərli dualar oxuyan cavan kahinlərlə, yan-yörəmdə, titrək dizləri üstə dayanan solmuş cücü qurularına bənzər bir neçə qoca avstriyalı ilə birgə oturduğum messedə1 - ağrı duymadan, çarmıxa çəkilmiş İsanın, divarboylu, rəngli portretinə baxdıqca, bizim Vaqifi - ağrıları heç vaxt üzünə çıxmayan Cəbrayılzadəni xatırladım…
ALMAN DİLLİ AZƏRBAYCAN MƏTNİ
Vyanada olduğum günlər tədbirlər arasındakı fasilələrdə Senayla bir saatlarla kompüter arxasında oturur, orda tərcüməyə gəlməyən, alman dilinə yatmayan ifadələrin dəqiq tərcümələrini axtarır, bundan ötrü min cür texniki tryuklar çıxara-çıxara yorub əldən düşürdüksə, gecələr mən, ekvivalentini yuxuda tapdığım həmin o alman sözlərindən azərbaycan dilində bəlağətli cümlələr qurur, bu yeni istedadımdın sarsılıb dəhşətə gəlirdim…
YETİM ÇƏKMƏLƏR
…Vyanada gecələdiyim ilk gecə yuxuda - Mərdəkanda, ev işlərinin toruna ilişib çaşqın üzlərlə mənə baxan qızlarımı, bir də niyəsə, şəhər evimizin yataq otağında, paltar şkafının qabağında cütləşib, sakitcə, böyür-böyürə dayanan tənha, yiyəsiz ayaqqabılarımı gördüm…
VYANALI SƏRÇƏLƏR
“Sərçələr”in məşqindən sonrakı şam yeməyi zamanı, məşqə qədərki dilli-dilavər qadınların dinib-danışmamasından, hekayədən alınan hüznlü ovqatlarını heç cür gizlədə bilməməsindən, şam boyu, mənə dikilən mərhəmət və nəvaziş dolu baxışlardın “Sərçələr”in, həm də almanlar haqqında olduğunu anladım...
Əsərin bioqrafik olduğundan duyuq düşmüş aktrisalar mənim, bu hekayədə soyuq, qəddar ananın əzablarından üzülən “zərərçəkən” - yəni balaca qız uşağı olduğumu zənn edərək, əvvəl hekayə haqqında məhəbbətlə, ürək ağrısıyla danışsalar da, səmimi etirafımdan sonra - müəllifin, “zərərçəkən” yox, qəddar ananın özü olduğunu biləndə, kütləvi şəkildə sarsıldılar...
ANMA
Vyana vaxtı ilə gecə saat onda - Qərb şəhər həyatının yenicə oyanmağa başladığı vaxtda, mərkəzi meydanlardan birində qurulmuş izdihamlı, açıq konsertdə - əllərində şirə və içkilər dolu şən vyanalıların böyür-başımdan ötüb keçdiyi, bəzən elə dayandıqları yerdə yüngül-yüngül rəqs elədiyi hay-küylü bir məkanda birdən-birə… gecənin sakitliyini yaşayan uzaq, sakit Mərdəkanı - evimizin müxtəlif mərtəbələrində yorğun üzüntü ilə yatan ailəmi - səfalı kurort zonasında dincələnlərdən çox, niyəsə havasız ölüm düşərgəsinin əsirlərini andıran qızlarımı, solğun bənizli oğlumu, narahat ərimi andım...
SENANIN EPİLOQU
Vyanada olduğum günlər, bu muzey-şəhərin ecazkar gözəlliyindən, onun, Avropanın digər şəhərlərindən fərqli olaraq, hansısa naməlum, ilahi ərazidə yerləşməsindən, vyanalıların nəcibliyindən, öz qədimliyini hansı möcüzəyləsə qoruyub saxlamasından dönə-dönə heyrətlənməyimə sən demə, gizli-gizli qıcıqlanıb əsəbiləşən Sena axırıncı gün mənimlə duelə çıxdı… Vyananın dağüstü parkındakı nağılvari Qrenfeynştayn sarayında vida şamında əyləşərkən və mən yenə Vyananın gözəlliklərini «vəsf edərkən» Senanın həmişə mülayim üzünün qəfildən dəyişdəyini duydum. Heç vaxt eşitmədiyim sərt, qəddar bir səslə, bütün bu günlər ərzində valeh olduğum kilsələrin - yaranışından bura saraylara xidmət edən satqın inkvizissiya məbədləri, ecazkar sarayların, qədim abidələrin - ac xalqın qanı hesabına qazanılmış milli iftixar obyektləri, vyanalıların - üzlərində daim süni təbəssüm maskası gəzdirən, soyuqqəlbli varlıqlar olduğunu, bir sözlə, üzdə görünən bütün bu bər-bəzəyin, saxta, yalançı köpük yığnağından savayı ayrı bir şey olmadığını deyib, bir müddət susdu, sonra pərt olduğumu görüb elə bil mənə ürəyi ağrıdı:
- Afaq, əzizim, incimə, sən səhv edirsən... - dedi - Bütün bu dediklərin - ayrı bir şey yox, sənin öz yazıçı təxəyyülündü...
VYANA SIXINTILARI
Vyananın qədim bir küçəsində, asanlıqla anlaşılan naməlum “insan” dilində söhbətləşdiyimiz qoca vyanalı qadınla qısa tanışlığımız zamanı neçə gündən bəri vyanalıların sıxıntıları ilə bağlı dönə-dönə düşünüb-daşındığım bir həqiqəti anladım…
Əslində Vyana uzaqdan göründüyü kimi, gələcək deyil… gözəl, əfsanəvi keçmiş - sivilizasiyadan kənarda, hansısa ayrı zaman ölçüsündə yaşayan müqəddəs bir ərazisidi...
Vyananın küçələrinə sanki XVIII əsrin axırından azıb düşmüş bu qədim qadın xüsusi nəvazişlə mənə, neçə saatdan bəri mərkəzi küçələrlə dolaşa-dolaşa axtardığım Karl-Kirxe kilsəsinin yerini başa salırdı... mənsə, qədimliyini uzun illərdən bu yana ehtiyatla qoruyub özündə saxlayan Vyana haqqında düşünürdüm… ifadəsiz üzlərlə böyür-başımızdan ötüb-keçən vyanalıların, bu rahat qədimlikdən qurtulmaq, daim iti sürətlə axan dünyavi proseslərə qoşulmaq, əbədiyyət qoxulu bu əbədi Zaman ərazisindən sıçrayıb harasa, guya qabağa qaçmaq arzusunun sıxıntısını duyurdum…
AVSTRYA İTLƏRİ
Avstryalılar itləri ilə daha çox söhbət edirlər.
ƏMƏKDAŞ CO
Senanın yaxın dostlarından birinin - alapələng maykası, sol qulağından asılan iri zənci halqası, qırxıq başının tən ortasında, kirpi iynələrini andıran al qırmızı saçları ilə küçə səfilini xatırladan balacaboy, gülərüz zənci Conun, Vyana parlamentinin məsul əməkdaşı olduğunu mən yalnız Bakıya qayıdan gün bildim…
DOĞMA SƏSLƏR SİLSİLƏSİNDƏN
Kilsələrdən birində, izdihamlı messedən sonra, adam axınına qarışıb çölə çıxdığım zaman, kilsənin yarıqaranlıq girəcəyindən kiminsə məni tanış səslə, lap yaxınlıqdan, azərbaycan dilində səslədiyinə çevrildim...
Bu, kilsənin girəcəyinin sağ divarına vurulmuş ağ-qara foto-portretindən mənə - göz yaşlarını iri, gözəl bəbəklərinin içində zorla saxlaya - saxlaya baxan mərhəmətli Tereza Ana idi…
ROTHAUZ
XVIII əsrin yadigarı - qanadlarını yana açıb harasa uzaqlara şığımağa hazırlaşan qəzəbli qartal ədalı əzəmətli Rothauz bu gün Avstryanın ən sərt dövlət strukturuna - Vyananın şəhər meriyasına xidmət edir. Bu qədim saray həm də, həzin yay axşamları qarşısındakı nəhəng meydana - qədib heykəllərin və müxtəlif yeməkxanaların baş alıb getdiyi, klassik və caz musiqisi həvəskarlarının, musiqili piknik sakinlərinin görüş yeridi...
Meydanın bu qayğısız bayramsayağı əhvalına, fasad hissəsinin gənc, kədərli allahlarıyla, məsum mələkləriylə heç cür uyuşmayan acıqlı Rothauz, qaramtıl, ensiz pəncərələri ilə, içində baş verənləri illər boyu səbrlə gizli saxlayan soyuq, göyümtül qüllələri ilə - əfsanəvi Hamletin əmisinin, xəbis bir gecəylə öz qardaşının - Danimarka kralının qulağına zəhər tökdüyü uzaq ingilis sarayının möhtəşəm faciəsini yada salır…
DÜRNŞTAYN SİRRİ
Dürnştayn - ömrümün sonuna yaxın, kiçik saraylara bənzər komalarından birində yaşamağı qərara aldığım, uzaq Avstriya kəndidir.
Avstryanın ən möhtəşəm monastırlarından biri - uzaqdan baxanda, çəhrayı-firuzəyi çinidən yığılmış nəhəng, əntiq saatı xatırladan məşhur Ştiftshof da, bu kiçicik kənddə - Dunayın sahilində, sulardan, çınqıllardan, qorxunc - şirin əfsanələrdən yığılan möhtəşəm sirr kimi ucalır...
Ömrümü məhz burda - bu kiçik Avstrya kəndində başa vurmaq qərarımı da, orda olarkən həmin bu saat-monastır - O dünyaya aparan dumanlı, soyuq yolların ən şəffaf, ən ilıq keçidini öz həyətində - öz qaramtıl, qədim darvazaları arasında gizlidə saxlayan qüdrətli Ştiftshof verdi…
ERİX FRİD AĞACI
Vyananın duyum səviyyəsi barədə müəyyən təsəvvür əldə etmək üçün, incə qəlbli, nəcib vyanalılarla yaxından tanış olmaq, onların mənəvi dünyasını öyrənmək bir o qədər də vacib deyil.
Avstrya incəliyini anlamaqdan ötrü, bir vaxtlar Vyananın mərkəzi küçələrindən birində, hündür bir binanın ikinci mərtəbəsində yaşamış, yəhudi diskriminasiyası vaxtı isə, mənzilini gecə ilə gizlicə tərk edib xaricə qaçmış və orda 32 yaşında faciəvi surətdə həlak olmuş yəhudi şair Erix Fridin, həmin o uzaq, qorxunc illərdən bu yana əl dəyilmədən, olduğu kimi saxlanılan qaramtıl pəncərəsinə baxmaq kifayətdi…
…Bu gün həmin o pəncərədən, cavan yəhudi şairinin əvəzinə - onun mənzilində ölümü ilə bir gündə əkilmiş orta yaşlı, nəhəng palıd - bütün bu illəri şairin faciəsi ilə bir böyüyüb yarpaqsız, tumurcuqsuz, qara budaqlar ata-ata evin içinə sığmayan, pəncərənin şüşələrini çatladıb intihar etmiş kimi, küçəyə böyüyən şirəsiz, ölü ağac baxır…
SÖZBAZ AVSTRİYALILAR
Təbiət və memarlıq gözəlliklərinə, ecazkar klassik musiqiyə etinasız avstriyalıları yalnız bədii sözlə sarsıtmaq olur…
QORXUNC SONLUQ
Vyanadan Bakıya qayıtdığım günün axşamı televizorun qarşısında əyləşib uşaqlarımla birgə - uzaq bir ölkədə təyyarə qəzasında həlak olan, ruhu bulanıq Amazonka çayında yaşayan arvadını, qorxunc, kök timsahların dolaşdığı Cunqli körfəzlərində - ölü ruhların, suda çürümüş meyitlərin arasında axtaran qəhrəmanın - 40-50 yaşlı qıvraq, cəsur bir adamın başına gələnlərdən bəhs edən amerika filminə baxdıqca:
- Görəsən indi mən Vyanadan bura uçarkən qəzaya düşüb ölsəydim, atanız məni də belə axtarardı?.. - sualıma kiçik qızım:
- Onun səninlə həyatı, onsuz da elə belə keçib… - deyə cavab verdi…
PARLAMENT MƏNZƏRƏLƏRİ
«… Və o gün ki, Biz dağları yerindən oynadacağıq və sən görəcəksən, necə yer düzənliyə çevrilir… Biz onda insanları bir yerə toplayacağıq, bir adamı belə nəzərdən qaçırmadan, hamını yığacağıq… və onlar sənin Allahının qarşısında cərgələrlə dayanacaqlar. Onda sizlər Bizim qarşımıza, Biz sizləri ilk dəfə yaratdığımız şəkildə gələcəksiz…»
Quran: Mağara fəsli.
Neçə vaxtdan bəri müəmmalar dolu pusqular içində gözlənilən seçkilərin nəhayət ki, başa çatması, cəmiyyətin aparıcı qüvvəsinin - Layiqlilərin ölkənin bu ali qurumunda yer alması ilk əvvəl hamını sevindirdisə də, Məclisin ilk yığıncağı iclas zalına - uzun muddətdən bəri yaşadıqları «vəkillik» gərginliyindən, sapanddan sivrilən təki qəribə, qırıq sıçrayışlarla daxil olan, zal boyu ürkək addımlarla yeriyib soyuq, qasırğalı çölün sərt havasından sonra nəhayət ki, tapdıqları yumşaq yerlərində ehtiyatla əyləşən vəkillərimizin heç cür ovunmaq bilməyən dəli sevincini, gizlətdikcə, hey ha təriflərindənsə pırtlayıb çıxan gizli qələbə nəşəsini seyr etdikcə, yenə ürəklərdə qaranlıq şübhələr dolu nigaranlıqlar dolaşmağa başladı…
GÜNLƏRİN BİR GÜNÜ…
Günlərin bir günü - uzun illər ötdükcə, yaşa dolub yetkinləşdikcə, dilini, xislətini heç cür anlaya bilmədiyim, darısqallıqlar dolu əhatələrində daim darıxıb üzülməyə davam etdiyim insan kütlələrindən qurtulub Özümə oxşayacaq Öz əhatəmi - ünsiyyət ehtiyacımı ödəyəcək kiçicik, məhrəm cəmiyyətimi qurmaq ümidi ilə, aylarla bətnimdə gəzdirdiyim, illərlə sevə-sevə bəsləyib, böyüdüb ərsəyə gətirdiyim övladlarımın da, həmin o dilini, xislətini hələ də heç cür anlaya bilmədiyim kütlədən olduğunu anladım…
DEMOKRATİYA BARƏDƏ
Çaşqınlıq və nabələdlik dolu dumanlı ümidlərlə çalışıb qurmaq istədiyimiz, neçə illərdən bəri «qura-qura», heç cür də axıracan qurub qurtara bilmədiyimiz yeni «demokratik cəmiyyət»in min illər boyu Əzəli-Əbədi qanunlarla idarə olunan ibtidai cəmiyyətlərindən fərqini anlamaqdan ötrü, hamıdan Uca Allahın idarəçilik üsullarından heç olmasa, üzdə görünənlərini duyub anlamaq kifayətdi.
Özlərini zahirən azad duyan, əslində isə atdıqları hər addımı, gizli qəlb niyyətləri həssas nəzarət altında saxlanılan, zahirən cilalı mələklər ierarxiyasının himayəsində, əslində isə, Tək Bir Allahın sərt və mərhəmətli baxışlarının idarəsi altında yaşayan cəmiyyətlər zəminində qurmaq istədiyimiz bu «demokratik» yaşam üsulunun - həlli, düyünü əsrlər boyu heç cür açılmayan «dolaşıqlıqları» açacağına, heç bir sahmana yatmayan hansısa «ədalətsizlikləri» nizamlayacağına inanmağa davam etmək, sadəlövh xəyalparəstlikdən savayı ayrı bir şey olmayacaq.
YENƏ ASTAR BARƏDƏ
Bu səhər bağlı pəncərəmdən görünən nəhəng tut budaqlarının səssiz tərpənişindən ürəyim dayandığını hiss etdim…
Uzun illər həmin bu pəncərənin önündə, əllərim fincan - nəlbəki yuyub meyvə - tərəvəz doğraya-doğraya, üzümün bir yanıyla, pəncərəmin bu məlum görüntüsü kimi görməyə alışdığım çəkisiz budaqları yerindən oynadıb qəribə, yuxulu dalğalarla tərpədən Küləyin, uzaq məktəb illərində coğrafiya fənnindən keçdiyimiz kimi, adi hava axını olmadığını, bu Qəfil Tərpənişin, Ölüləri Dirildən həmin o əfsanəvi, ilahi möcüzələr silsiləsindən olduğunu anladım…
AŞİQ ƏRAZİ
Bəzən hansısa sirli axşamlar sakit oturmağa, nəfəs dərib fikrimi toplamağa imkan tapmadığım hay-küylü ev həyatının torundan - növbənöv mətbəx qoxularının, təcili telefon zənglərinin, əsəbi hesabatların və «cazibədar» yeniliklərin arasından, hardansa uzaq məsafələrdən… burdan - paytaxtdan gediləsi yolu olmayan uca, qaramtıl yüksəkliklərdən - neçə illərdən bəri mənə qovuşmaq ehtirası ilə yolumu gözləyən hansısa küləkli, ildırımlı Ərazinin hənirtilərini duyuram…
RUHLAR ORDUSU
Son əsərlərimdən birində («O məni sevir» pyesində) baş qəhrəmanın (yəni mənim) - zahirən bu dünyada, əslində isə öz ilahi duyğularında yaşayan yaşı, peşəsi naməlum qadının insanlardan izaholunmaz, anlaqsız qorxular duymasının, bir insanda yaşayan müxtəlif növ adamlardan - qorxunc İnsan Ordularından dəhşətə gəlib bu əcayib vəhydən müxtəlif hallara düşməsinin səbəbini, mən yalnız bu yaxınlarda, «Xəzər»in son nömrəsi üçün çevirdiyim sufi mətnlərində, Məhəmməd peyğəmbərin insan ruhları ilə bağlı dediyi sirlər dolu dahiyanə kəlamında anladım:
«Ruhlar - bu dünyaya gələn müntəzəm ordulardır…»
DUYĞU ÇƏKİSİ
Yazı masamın üstündə, dünyasını qəfildən dəyişmiş nakam müəllifdən qalan kimi sakitcə yatan, kağızlarının solğunluğu və dağınıqlığı ilə yarımçıq sevgi məktublarını andıran yarımçıq yazılarıma yaxın düşə bilmədikcə içimdə - ağır ordenlər, dəmir dəbilqəli zirehli geyimlər, yaxud, gilələri bürünc düymələrdən olan dolu üzüm salxımları kimi yan-yana asılıb mən yeridikcə, oturub-qalxdıqca bir-birinə dəyən fikirlərimin, roman və hekayə sonluqlarının cingiltisini eşidirəm... bu ağırçəkili arsenalın yükünə tab gətirmədiyimdən, yerişimin dəyişdiyini, addımlarımın ləngidiyimi duyuram...
SEVGİ FƏSADLARI
Qəribədi ki, bir qisim tündməcaz qaraqabaqların da rəğbət və pərəstiş hisslərindən kövrəkləşib incəldiyinin, anlaşılmaz, gizli şövqlərlə pardaxlanıb göz görə-görə utancaq, ürkək növrəstələrə çevrildiyinin şahidi oluram...
Qorxunc uyarlıq
Vaxtı ilə ədəbiyyatımızda külüng çalan, qalın-qalın, dəbdəbəli kitablar yaza-yaza, aparıcı vəzifələrdə çalışan, iclas və yığıncaqlarda həyatsevər vücudu ilə kürsülərə qalxıb ordan, coşqun əzmkarlıqla "aktual" məsələlər qaldıran... indi isə, qocalıb əldən düşən, səsi, heyi tükənən, gözünün qarası bozarıb ağı saralan, təqaüdə çıxıb yaşadığı binanın həyətində, gözdən-könüldən uzaq, sakit bir guşədə, hər an ortadan çatlayıb onu üzüaşağı buraxacaq nazik, quru budaqda oturan tək, hürkü içində otura-otura, xəstə tülkü mürgüsüylə uyuyan ağsaqqal xalq yazıçımıza baxdıqca, niyəsə dövlətə olan sevgisini səsinin ən təsirli tərəfiylə, bəlağətli sözləri, zər-zibalı ifadələriylə, macal tapdığı yerlərdən dönə-dönə izhar eləməkdən öz ürəyini zədələyən cavan, enerjili xalq şairimizi xatırladım.
Mülk təntənəsi1
Bu yaxınlarda "iştirak etmək" məcburiyyəti ilə peyda olduğum yas məclislərindən birində, süfrənin o biri tayında mənimlə üzbəüz oturan qadınların, süfrəyə düzülmüş yeməklərə "girişməzdən" əvvəl, bu yumşaq, şirəli təamlarla mənim bilə bilmədiyim, hansısa əcaib münasibətlərlə ünsiyyətə girdiklərini, kəhrəba qovurmalarla, xaşxaşlı qoğallarla naz dolu ehtiraslı baxışlarla işvəli sövdələşmələr apardığını gördükcə, "yeyənlərin" və "yeyilənlərin" eyni materialdan olduğunu anladım.
Mələküt təntənəsi2
Adam kimi yaşamaqdan, evimə, işimə, insanlara yovuşub mümkün rahatlıq tapmaqdan ötrü özümdən qəsdən uzaqlaşdırdığım sehrli sufi mətnlərinin, daim ha tərəfdənsə gizli-gizli mənə sarı axdığını, ruhumda, duyğularımda damla-damla dəyişkənliklər yarada-yarada, məni ilıq, çəkisiz boşluqlara axıtdığını, anlaşılmaz, şirin ağrılar dolu bu ecazkar məhrəmlikdə əriyib itmək qorxusuyla ha tərəfəsə pərçimlənib, dayaqlanıb axmaq istəmədikdə, canıma sızıb, bətnimə hopub məndə yaşadığını duyduqca, özümü nə qədər üzüb əldən salsam da, heç vaxt adam kimi yaşaya bilməyəcəyimi anlayıram...
Möhtəşəm
mötəbərliyin iflası
Bir çox "möhtərəmlərin" və möhtəşəmlik azarkeşlərinin, möhtərəmlik və möhtəşəmlik atributları olan bahalı malikanələrin və maşınların, torpaq ərazilərinin və özəl binaların, son illər ucuz şou-biznesin möhtəşəmlik və mötəbərlik marağından xeyli uzaq, səfeh nümayəndələri tərəfindən, həmin həcmdə və keyfiyyətdə əldə edilməsi, ölkənin möhtəşəmlik və mötəbərlik iddialı "ali" vətəndaşlarının statusunu bir xeyli laxlatdı.
Sonsuz axtarışlar
girdabında
Müqəddəs kitablarda oxuduğumuz, yarıdoğru, yarıyalan bilib gizli yaddaşlarımızın hansısa ayıq nöqtələriylə, Özünü nə vaxtsa, axır ki, bizlərə yetirəcəyini dəqiq bildiyimiz, müddəti, Kainat ölçüləri ilə Bir Gün, bizim zaman ölçümüzlə "əlli min olan"3 Böyük Axirət Gününün artıq çoxdannan bəri yetişdiyindən, bizləri, asta odun üstə həlim-həlim qaynayan düyü kimi, ehmal-ehmal bişirdiyindən xəbərsiz yaşaya-yaşaya, Yeri hərəkətə gətirib vaxtı sürətləndirən, iqlimləri dəyişib kəndləri sular altında basdıran, torpaqları titrədib şəhərləri yarğanlara çökdürən, kişiləri qadına, qadınları kişiyə çevirə-çevirə bərabərləşdirən bu böyük Sınaq Günündə biz yenə nə axtarırıq?..
Dostoyevskinin
qəhrəmanı
Bu payız Moskvada keçirilən Beynəlxalq kitab yarmarkası günlərində bizim nümayəndə heyətini müşayiət edən Mişa adlı gülümsər üzlü rus oğlanın, Dostoyevskinin hansısa qəhrəmanlarından biri olduğunu, onun gülümsər üzünün alt qatında gizlənən tanış ağrının, uzaq tələbəlik illərində Dostoyevskinin əsərlərində duyduğum XIX əsrin Rusiyasının - yarıqaranlıq, kasıb mənzillərdə, qənbər döşəməli palçıqlı küçələrdə yaşanan həmin qədim ağrı olduğunu, olsun ki, mənim özümün də, həmin o uzaq illərin ağrılarıyla ağrıyıb-ağrıyıb, artıq çoxdannan ölmüş Dostoyevski personajlarından biri olduğumu anladım.
Küləyin hikməti
Bir çox gecələrlə, ələlxüsus, qəfil, sütül ilhamla coşub nəhəng hava dalğalarıyla evlərin damlarını, pəncərə çərçivələrini titrədən Küləyin bizləri nə isə çox vacib, həyatəhəmiyyətli mətləblərdən agah eləməyə çalışdığı dərin uçurumlu qaranlıqlarda Qurandan şimşək barədə oxuduğum ilahi sətirləri xatırlayıram:
"...Mələklər insanların günahlarını bağışlamağı Allahdan diləyəndə, Göy üzü şimşək gurultularından lərzəyə gələr..."
Qus müəllim
Qəribədi ki, hər bir şeyin gizli mahiyyətini izaholunmaz dəqiqliklə aşkara çıxaran balaca əl lupasının böyüdücü şüşəsiylə, Hind okeanının qaranlıq dərinliklərində, mamır və ot çürüntüsündən qatılaşıb seliklənən qumluğun üstünə qalxanvari, nəhəng bədəniylə yatıb, qırçınlı dodaqlarının arasında ustalıqla gizlədiyi iri, qılıncvari dişləri və üzgəcdən çox, yığcam balıq torlarını andıran qırmağabənzər ətraflarıyla əlaltından tutub udduğu ovlarının pusqusunda yaşayan əcaib dəniz filinin şəklinə baxdıqca niyəsə, millət və vətən qeyrətiylə alışıb-yanan qəlbinin ağrıları qəddini əymiş, ağ, pərişan saçlarını üzünə töküb, kədərli simasının nəcib mərhəmətini bir qədər də artırmış görkəmli ədəbiyyatşünas alim - ölkənin bütün fəxri adlarını və təltiflərini alsa da, incik qəlbinin qırışları heç cür açılmayan, hörmətli Qus müəllimi xatırlayıram...
Ostap və Bender
Əqidəsi və xisləti etibarı ilə İlf və Petrov qardaşlarının məşhur fırıldaq ustası Ostap Benderin layiqli davamçısı olan bir "həmkarım", uzun illərdən bəri axtardığı xəzinəni, niyəsə itmiş stullarda yox, mədəniyyətimizin ən kasıb sahəsi olan ədəbiyyatda axtara-axtara, arada bir, işlədiyi qurumun "Ostaplar və Benderlər Birliyinə" çevrilməsi üçün, daha yumşaq oturacaqlı stullar istehsal edən yeni mebel fabrikləri yaratmaq fikrinə də düşür.
Günlərin bir günü...
Günlərin bir günü, necəsə yol getdiyim yerdə, həlim xasiyyətinə, dinməz və dözümlü təbiətinə görə hədsiz sevdiyim bir rəfiqəm haqqında - başı daim kasıb qohum-əqrəbasına, tanış-bilişinə əl tutmağa, yüksək vəzifəli ərinin və istəkli övladlarının gündəlik rahatlığını mükəmməl həddə təmin eləməyə qarışdığından, özünə vaxt ayırmağa halı qalmayan və bu səbəbdən, cavan yaşlarından ağır ürək xəstəliyi qazanan, solğun bənizli, fədakar qadın barədə düşünərkən, birdən-birə beynimdən, məni laxladıb az qala üzü üstə yerə yıxacaq qorxulu bir fikir keçdi...
...Son aylar yuxuda, ya kimlərləsə danışdığı yerdə qəfil ürək çatışmazlığından keçinən bir neçə qadın yaşıdımı yadıma saldıqca, dünyaya göz açandan bəri özünü, hansısa köndələn əqidələrlə ətrafındakılardan ötrü odun əvəzinə yandıran bu fədakar dostumun hər an susmaq üzrə olan xəstə ürəyi, lap indilərdə səfeh bir yarımçıqlıqla bitəcək həyatı barədə düşünüb vahimələndimsə də, elə həmin an, hansısa gizli fəhmimlə, bu incə, zərif ürəyin artıq çoxdannan susduğunu və rəfiqəmin bu dünyadan, yorğunluq və iztirab saçan heysiz bəbəklərlə üzümə zilləndiyi hansısa uzaq payız günü köçdüyünü anlayıb qəhərləndim...
Din geyimi
Bir neçə həftə bundan əvvəl məni yuxuda, uzun ətəkləri hər tərəfi tutan ağ geyimdə görən yaxın bir adam bunun yozumunu belə verdi:
- Uzun ətəkli geyim - ucalığa işarədir...
...Bu yaxınlarda isə, "Xəzər"in növbəti sayı üçün hazırladığımı materialları - 810-cu ildə Buxara şəhərində yaşamış imam Məhəmməd Bin İsmayıl Əl Buxarinin "Səhih" əsərini gözdən keçirərkən, belə bir hədisə rast gəldim:
"Deyilənə görə, Əbu Səid əl Xudri, Allah ondan razı olsun, danışırmış ki, Bir dəfə Allahın rəsulu, Allah onu şad eləsin, dedi:
- Yuxuda mənə, əyinlərinə gödək köynək geymiş bir neçə adam göstərdilər. Bu köynəklərin bəzilərinin ətəyi sinəyə qədər, o biriləri ondan da gödək idi. Və mənə Ömər bin əl Xəttabı göstərdilər. Onun əynindəki köynək isə o qədər uzun idi ki, ətəkləri yerlə sürünürdü, ayaqlarına dolaşırdı...
Adamlar soruşdular:
- İndi sən bu yuxunu necə yozursan?
O cavab verdi:
- Bu - dindir".
1. Mülk dünyası - maddi məkan, hisslərlə qavranılan bədənlər dünyası. İnsanların realizə olduğu dünya.
2. Mələküt dünyası - ilahi məkan, qeyri - maddi obyektlər və arxietiplər dünyası.
3. Quran: "Hədis ül Qüds"
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
понедельник, 22 октября 2007 г.
на 23:44
Ярлыки: Duyğular imperiyası
Подписаться на:
Комментарии к сообщению (Atom)
1 коммент.:
Salam,Afag.Duygularin täkmilläsmis,düsüncälärinlä icimdä zaman,mäkan ayriligindan hec bir sey däyismäyän ,yazdiglarinin imzasi olmadan säninki oldugunu bildiyim Afagsan.
Gäriblikdän söz acanda,Bir gärib dä gördüm deyä,Ana-baci häsrätimi,El-obaya cox därdimi,Gohumlara söhbätimi,Söylä mändän,ay
Eloglu! Nailä.
Отправить комментарий