Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

вторник, 5 февраля 2008 г.

TƏK

(hekayə)




…Anasının pilləkənlə düşürürdülər… kimsə qoluna girmişdi.
Anasının bozumtul üzü zəiflikdən, ağrıdan dəyişmişdi, qısa saçları nəyə görəsə yaş islanmışdı… pilləkənləri enib, taqətsiz ayaqlarıyla əsə-əsə ha yanasa gedirdi… ondan uzaqlaşırdı…
Anasının üzünü o qədər aydın, o qədər yaxından gördü ki, az qaldı ürəyi dayana… gör bir nə vaxt idi, anasının üzünü görmürdü?!.. Beş il idi, ya bəlkə on il idi, dəqiq yadına sala bilmədi... Nəfəsini içinə çəkib həsrətlə anasının qonur bəbəklərinə, azca qırışmış yanaqlarına baxdı…
Anası deyəsən ölməyə gedirdi…
…Anasını ölməyə yola salmaqdan ötrü çoxlu adam yığışmışdı. Həyətləri tanıdığı-tanımadığı adamlarla dolu idi… Həyətin darısqal girəcəyində dayanan qara yük maşını anasını gözləyirdi. Anası ölməyə maşınla gedəcəkdi. Demək, indi anası maşına oturub gedəcəkdi və yenə uzun illər, bəlkə də daha heç vaxt onu görməyəcəkdi…
…Anasının əllərini öpürdü… qarşısında dizi üstə düşüb dizlərini öpə-öpə ağlayırdı:
– Getmə, qurban olum… getmə… Darıxıram sənsiz ana, çox darıxıram…
Anasının dizləri həmişəki kimi yumşaq və isti idi, öpdükcə gözünün yaşından islanırdı. Dizi üstəydi deyə, anasının üzünü altdan yuxarı gördü. Anasının üzü belədə ayrı adamın – anasının, dünyasını çoxdannan dəyişmiş hansısa qədim, uzaq qoüumunun üzünü xatırladırdı… Anası onun öpüşlərini hiss eləmirdi, harasa uzaqlara – kiminsə üzünə baxırdı elə bil…
– Uşaqlardan muğayat ol… kiçiyi pis öskürür…
Anasının lap astadan dediyi bu sözlər bıçaq kimi ürəyini kəsdi. Odu ki, özünü saxlaya bilməyib hönkürdü, üzünü anasının yalın ayaqlarına qoydu.
– Kəs səsini… – anası acıqlı səslə, yenə astadan dedi. – bəsdi uladın. Bu necə ağlamaqdı?.. Özünü camaata göstərirsən?!..
Ətrafına baxdı… Heç kimi tanımırdı… Yad adamlar donuq uzlərlə dinməz-söyləməz dayanıb onlara baxırdılar…
Anasının ardınca dizin-dizin sürünə-sürünə, qışqırıb bərkdən ağladı:
– Getmə! Getmə, ana!..
Anası onu eşitmirdi… xəstəliyin zəifliyindən əsə-əsə, ayağının birini qaldırıb maşına minirdi…
…Dizin-dizin sürünüb anasına çatmışdı, ayaqlarını qucaqlayıb nəfəsi kəsilə-kəsilə ağlamaqdan boğulurdu… Sonra baxıb görürdü, bayaqdan bəri sinəsinə sıxıb öpdüyü - körpə uşaqdı, bələyin içindən zorla çəkib çıxardığı əllərini ağzına salıb əmə-əmə, tanış gözlərlə, dinməz-söyləməz üzünə baxır…
…Ətrafına baxdı… Anasının mindiyi yük maşını getdikcə uzaqlaşırdı… yad adamlar yaylıqlarını çıxarıb maşının arxasınca yelləyirdiilər… Maşının ardınca lopa-lopa qar tökürdü… və maşın qarın ağlığında gözdən itirdi…
– Ana!.. Ay ana…
Oyanıb yan-yörəsinə baxdı… Qızı yarımaçıq ağzıyla böyründə yatmışdı. Hava hələ açılmamışdı.
Gözlərini yumub, nəfəsini saxlayıb, yenə bayaqkı yuxusunu bircə-bircə yadına saldı. Bu, təxminən döşəməyə dağılan civəni bir yerə yığmaq kimi bir şey idi.
Qəhər boğazını tutdu, üzünü, səsi çıxmasın deyə balışa basıb ağladı…
Ölümündən sonra, bu altı il ərzində birinci dəfəydi anasının üzünü bu qədər yaxından görürdü. Demək, bu gecə bir neçə dəqiqə bundan əvvəl anasıyla görüşmüşdü…
Bir neçə gün bundan əvvəl, bədəni vahimədən üşüyə-üşüyə yuxular haqqında, oxuduğu elmi məqalə yadına düşdü:
«…Əslində siz yuxuda gördüyünüz adamların yuxusuna girirsiz…»
Deməli, o, anasının yadına düşmüşdü. Anası darıxırdı onun üçün…
Belə fikirləşdikcə, gözləri dolub-boşaldı, yadına, yuxuda ağlaya-ağlaya anasına dediyi sözləri düşdü, ürəyi əzildi. Görən anası bildimi ki, onsuz çox pis yaşayır, daha doğrusu yaşaya bilmir? Bildimi ki, onsuz heç nəyin mənası yoxdu, o öləndən bəri, həyat - məzmunsuz, mənasız varolmadan savayı ayrı bir şey deyil onun üçün?..
Yorğanı başına çəkib nəfəsini saxlaya-saxlaya fikirləşdi ki, daha o yan-bu yanı yoxdu. Onsuz yaşaya bilmir. Görünür, anası özü belə öyrədib onu. Bunu birdəfəlik boynuna alsın. Daha gündə bir şeyi bəhanə eləyib, camaatın gününü qara eləməsin. Ən çox da evdəkilərin qanını zəhərə döndərməsin.
Ərinin, qayınanasının qorxudan, həyəcandan əyilən üzləri gözünün qabağına gəldi. Qayınanası başını dərdli-dərdli yellədib:
- Niyə belə eləyirsən, a bala, vallah Allaha xoş getməz. Kimin ata-anası dünyanı tutub dayanır ki?.. Cavansan, ərinə, uşaqlarına yazığın gəlsin, barı… – dedi.
Sonra yadına, gündə bir şeyi bəhanə eləyib, hamını qorxutmağı düşdü.
Bir ara beyninə yeritmişdi ki, çarəsi olmayan hansısa ağır xəstəliyə tutulub. O günlər, yadına gəlir, rəngi doğrudan sapsarı saralmışdı. Günlərlə dilinə heç nə vura bilmirdi, ağzına qoyduğu tikə böyüyüb boğazının yoluna lişişib qala-qala ürəyini bulandırırdı. Həmin günlər bədənini eşələyib, sol qabırğasının altında şişəbənzər nə isə də tapmışdı, həkimləri növbə ilə gəzə-gəzə, özünə bir qovluq əcayib diaqnoz toplamışdı. Həmin bu diaqnozların ümumi nəticəsinə görə, ömrünün sonuna barmaqla sayılan günləri qalırdı. Onda, yadına gəlir, hamı bir-birinə dəymişdi, şəhərin məşhur həkimlərindən ibarıt konsilium toplanmışdı, cürbəcür diaqnostik apparatların biri gedib, o biri gəlirdi, yataq otağındakı balaca mizin üstü dava-dərman qalağıyla, cürbəcür otlar və yarpaqlarla dolub daşırdı…
Bir müddət sonra isə, nədənsə ərinə nifrət eləməyə başladı. Əriylə bağlı, ötüb getmiş bütün xoşagəlməz hadisələr və məqamlar yaddaşının hansı künc-bucağındansa şahə qalxıb, keçilməz divar kimi onunla burun-buruna dayanmışdı, o da bütün bu olanları bir yerə toplayıb, özünə faciləi bir tale yaratmışdı və az qala anasının ölümünə qədər, bütün uğursuzluqlarını, əriylə əlaqələndirməyi qərara almışıdı.
Br neçə müddətdən sonra isə, yadına gəlir, ümumiyyətlə bütün dünyaya nifrət elədi. Çünki bu mənasız dünyada heç nə və heç kəs ona anasını əvəz eləyə bilmirdi.
Bunu anası özü də həmişə deyirdi. Xəstə vaxtı yorğan-döşəyə pərçimlənəndə, anasının bircə istəyi onu həmişə yanında görmək idi. O biri otaqda beşcə dəqiqə ləngiyəndə, anasının, ağır xəstəlikdən onsuz da bozaran üzü tündləşib qaralırdı, nəfəsi təngiməyə, burnunun ucu nazilib saralmağa başlayırdı. Özünü anasına çatdıranacan anası küsüb elə bil ölmək istəyirdi, nazik qaşlarını çatıb, incik üzünü divara çevirirdi, onun suallarını cavabsız qoyub, uzun müddət beləcə susurdu, sonra heysiz səsiylə üzüdivara:
– Sənə mən lazımam. – deyirdi.
Əslində anası bunu, hələ lap əvvəllər – yorğan-döşəyə düşməmişdən çox-çox qabaqlar da, sağlam, güclü vaxtlarında, məhəbbət dolu gözlərini onun üzünə zilləyə-zilləyə deyirdi.
Fikirləşdi ki, anası sevirdi onu, nədi? Hə, anası onu sevirdi. Cavan yaşlarında itirdiyi ərinə olan meylini ona salmışdı görünür. Sonra hardansa yadına, anasının can verən məqam, qəribə hüznlə nəfəs dərib: «Təkcə sənə görə ölə bilmirəm.» – deməyi düşdü və yenə boğazını qəhər tutdu.
Niyə təkcə ona görə? – fikirləşdi. Ona görə ki, onu o biri dörd uşağından çox istəyirdi?.. Özünə oxşadırdı onu, nədi? Öz cavanlığına oxşadırdı, bəlkə ona görə?
Bədəninə soyuq tər gəldi. Neçə aydan bəri yorğan-döşəyə pərçimlənmiş anasının, içini çəkə-çəkə, içi həsrət dolu kədərli gözlərlə onun üzünə, boynuna, əllərinə baxmağı yadına düşdü. Eynəyini, əli əsə-əsə gözünə taxıb, saçlarını əlinə alıb işığa tuta-tuta:
– Saçlar da mənimkidi… – deməyi gözünün qabağına gəldi.
Balışının üzü, bütün gecəni ağlamaqdan islanmışdı, deyə balışı o biri üzünə çevirdi. Qızı yuxudan ayılıb, üzünü turşutdu, o biri böyrü üstə çönüb yorğanı başına çəkdi.
Fikirləşdi ki, gör bir, yuxuları nə qədər realdı?!..
Anası onu qoyub gedirdi… O da tanımadığı, yad adamların arasında təmtək qalırdı… Hər şey necə də dəqiq idi?!.. Əslində də beləydi. İndi o, yad adamların arasında yaşyırdı. Hə, ailəsi də həmin o yad adamlardan ibarət idi. Uşaqları da yad idi…
Sonra anasının üzü yenə bütün dəqiqliyi ilə gözünün qabağına gəldi. Anası üzündəki həmin qayğılı ifadəylə ona elə qulaq asırdı, elə bil dediyi hər sözü anasının həyatını pillə-pillə dəyişirdi…
Arxası üstə uzanmışdı deyə, gözünün yaşı gicgahı ilə axıb qulaqlarına doldu.
Anasından sonra heç kim ona bu cür qulaq asmırdı. Heç kimin buna hövsələsi, səbri çatmırdı. Həqiqət də bu idi. Çünki onun dedikləri heç kimin həyatını dəyişmirdi.
Gözləri yenə dolub-boşaldı. Fikirləşdi ki, anasıyla olan münasibətləri, onun xəstəliyi və itkisi lə bağlı keçirdiyi bütün bu məşəqqətlər ana-bala münasibətindən çox, iki sevgili münasibətinə oxşayır.
Bunu əri də bir dəfə demişdi ona. Bir dəfə yenə həmişəki kimi oturduğu yerdə gözləri dolub ağlayanda, əri qaşlarını çatıb, siqaretini dərdli-dərdli sümürə-sümürə:
– Bu, ana-bala məsələsi deyil… – demişdi.
«Onda bəs nədi?..» - ağlamaqdan içi gicişən gözlərini ovuşdura-ovuşdura fikirləşdi. Anası kim olmuşdu onun üçün, daha doğrusu, o anası üçün kim olmuşdu?..
Sona yenə yadına, anasının can verməyi, canıyla əlləşə-əllşə, bir gözü onda birdən-birə dil açıb:
– Hələ mənim üçün burnunun ucu göynəyəcək… - deməsi düşdü.
Onda anası bunu deyib bir müddət susmuşdu, sonra nəfəsini ağır-ağır dərib, gözlərindən acı qəzəb yağa-yağa:
- Elə göynəyəcək… elə göynəyəcək… - deyə-deyə onu hədələmişdi, sonra gözlərini bağlamışdı.
Birdən birə ürəyi sıxıldı, havası çatışmadı elə bil. Qalxıb yerinin içində oturdu, qulaqlarına dolan göz yaşını yorğanın ucuyla boşaltdı. Sonra uşaq oyanmasın deyə, ehmalca ayağa qalxıb başmaqlarını geydi, o biri otağa keçdi.
Əri bu otaqda yatmışdı. Gəlib ərinin böyründə oturdu, bir xeyli qaranlıqda beləcə otura-otura ərinin, yorğanın altından görünən yoğun boynuna, əzələli çiyinlərinə baxa-baxa, sakit-sakit ağladı.
Əri yuxuda nə görürdüsə, ciddi görkəm almışdı. Qaşlarını düyünləyib əllərini qarnının üstə elə çarpazlamışdı, elə bil qəbuldaydı, kiminsə dərdinə candərdi qulaq asa-asa fikrə getmişdi.
Əlini ehmalca ərinin alnına çəkdi ki, oynasın. Ərini oydayıb anasıyla görüşdüyünü danışmaq istəyirdi.
Əri gözünü açıb təəccüblənmədən:
– Niyə yatmırsan?.. – dedi.
Əri belə deyəndə, özünü heç saxlaya bilmədi, hönkürüb üzünü tutdu.
- Nolub?.. – əri qalxıb yerinin içində oturdu, onu qucaqlayıb sinəsinə sıxdı:
– Yenə onu gördün?..
Başını tərpədib, «hə» dedi. Əri içini çəkib, bir müddət oturduğu vəziyyətdə qaldı, sonra uzanıb onun başını sinəsinə sıxdı, sığallaya-sığallaya bir neçə dəfə içini çəkdi və daha heç nə demədi.
– Bu dəfə… dəqiq gördüm üzünü… elə bil bu gecə… beşcə dəqiqə bundan əvvəl görmüşəm onu…
Əri daha dinmirdi, başını da tumarlamırdı. Eləcə dinməz-söyləməz, uzandığı yerdə tavana baxırdı.
Ağlayıb-ağlayıb susdu, ərinin isti sinəsindən, sakit nəfəsindən hiss eləyirdi ki, ona yazığı gəlir. Yazığı ona görə gəlir ki, on beş yaşında atasını itirmişdi, bir az sonra anasını. Bir də ona görə ki, zəif idi, tez-tez ürəyi ağrıyırdı, heç nədən həzz almırdı, sevinmirdi, ürəyi açılmırdı. Bir də ona görə ki, qaradinməz idi…
Əri bütün bunları dəfələrlə, o anasını yuxuda görüb ağlayanda demişdi ona. Anası barədə isə əri qəribəydi ki, heç nə demirdi. Elə bil tanımırdı onu. Ya da bəlkə zəhləsi gedirdi anasından? Sonra fikirləşdi ki, nəyə görə zəhləsi getməliydi axı?! Heç vaxt bir-birini incitməmişdilər, sözləri çəp düşməmişdi. Yox, zəhləsi getməyinə getmirdi, amma nəydisə, burasını dəqiq hiss eləyirdi ki, anasının ölümündən sonra, anasından söz düşəndə, ərinin gözləri iri-iri açılırdı, üzü dəyişirdi. Elə bil əri, öləndən sonra anasından qorxmağa başlamışdı. Hə, ərinin sinəsinə süzülüb maykasını isladan göz yaşlarını sığallaya-sığallaya fikirləşdi ki, hə, əri anasından qorxurdu. Bu qorxunun səbəbi olsun ki, anasının ruhunun onlara rahatlıq verməməsi idi. Anası günaşırı yuxularına girib gah küsürdü, gah ağlayırdı, gah üzünü divara çevirib, dörd bir yana vahimə saçan əcayib gərginliklə susurdu.
Anası olsun ki, axır vaxtlar ərinin də yuxusuna girməyə başlamışdı. – fikirləşdi. Bunu, son aylar ərinin də, gecənin bir yarısı mətbəxin işığını yandırıb, orda əsəbi hərəkətlərlə taqqa-turuq salmasından, ya da yerindən qalxmadan, səhərəcən, bədəninə qarışqa yeriyən kimi vurnuxmasından başa düşürdü. Niyə yatmadığı soruşanda isə əri cavab vermir, vurnuxmasını saxlayıb, hava işıqlananacan, məzlum sifətlə, dinməz-söyləməz tavana baxa-baxa qalırdı.
…Əri nə fikirləşdisə, başını əyib onun alnından öpdü, ehmal-ehmal saçlarını tumarladı. Bir müddət beləcə, başı ərinin sinəsində sakitcə uzanıb qaldılar.
– Bilirsən nə fikirləşirəm? – ərinin onsuz da yoğun səsi, yatıb durandan sonra lap yoğunlamışdı. – Deyirəm bəlkə bağ alaq?
– Bağı neynirik?..
– Orda toyuq-cücə saxlayarsan, bostan düzəldərəm. Ürəyin istəyəndən əkib-becərərsən, başın qarışar. Təmiz hava əsəblərini də sakitləşdirər.
Qalxıb oturdu. Ağlamaqdan şişib gicişən gözlərini ovub ərinin üzünə baxdı. Ərinin üzündə yenə həmin o məzlum ifadə vardı. Həm də deyəsən yuxusu gəlirdi.
– Toyuq-cücənin əsəbə nə dəxli var? – dedi və hiss elədi ki, qəfildən eynilə anası kimi, anasının səsiylə danışdı. Bundan yenə göz yaşı içində boğuldu.
Ərinin gözləri iri-iri açıldı. Deyəsən anasının səsini o da eşitdi.
Deyilənə görə, ölümündən sonra ananın ruhu qızına keçir. Demək, anasının ruhu ona köçüb. Əslində son vaxtlar bunu özü də hiss eləyirdi. Dəqiq hiss eləyirdi ki, hər şeyi ayrı cür görür, ayrı cür fikirləşir, illərlə tanıdıqlarını elə bil təzədən tanıyır, xoşu gəldiklərindən zəhləsi gedir, zəhləsi getdiyindən xoşu gəlir…
– Bağ-zad lazım deyil. Ümumiyyətlə, heç nə istəmirəm. – deyib ayağa qalxdı.
Ərinin üzü eləydi, elə bil anasını o öldürmüşdü.
İşə həmişəkindən tez gəlmişdi. Xidmətçi qadın onu görüb yaltaq təbəssümlə irişə-irişə üstünə yeridi. Pul verməyin vaxtı idi, görünür.
– Xoş gəldin, qadan alım. Nə yaxşı belə ertədən gəlibsən? – qadın dedi sonra da elə əyildi, elə bil onun ayaqqabılarını silməyə hazırlaşdı.
– Heç, elə-belə… - deyib, cibinin küncünə ilişən beşliyi çıxarıb xidmətçinin cibinə basdı, otağına keçmək istəyirdi ki, birdən ağlına gəldi ki, üz-gözündən dünyagörmüş adama bənzəyən bu arvadı qırağa çəkib bu gecəki yuxusunu ona danışın. Sonra ağlayıb, hələ də ürəyinin hansı nöqtəsinəsə ilişib qalan və getdikcə suçəkən tənzif kimi nəmlənib dolan ürəyini boşaltsın. Xidmətçinin əynindəki ağ xalatın çirkinə, əlində tutduğu palçıqlı, yaş əskiyə baxıb fikrindən vaz keçdi.
Stolunun üstü kağız-kuğuzla doluydu. Dünən burda – həmin bu otaqda yenilməz bir həvəslə nə isə yazmağa başlamışdı, guya bu gün ardını davam etdirməliydi. Stolun mərkəzində dayanıb üzünə baxan yaddaş kitabçasında bu gük görəcəyi işlrin planı cızılmışdı. Bir neçə familiya və telefon nömrələri yazılmışdı. Olsun ki, bu nömrələrin hansınasa zəng vurmalıydı… Amma hansına?..
Keçib yerinə əyləşdi. Stolun üstündəki kağız-kuğazı ələk-vələk edib dünən yazdıqlarını oxudu. Hər şey elə bil əlli il bundan əvvəl yazılmışdı.
Fikirləşdi ki, bütün bu yazılanların ona nə aidiyyatı var? Ürəyi sıxıldı. Bəlkə durub getsin evə? Sonra fikirləşdi ki, əslinə qalsa, evinin də ona elə bir aidiyyatı yoxdu. Anasından sonra orda da özünü, burdakı kimi tənha və lazımsız hiss edir.
Saçlarını bir-birinə qatıb-qarışdırdı, sonra əl güzgüsündə özünə baxdı. Hansısa dahi bəstəkara oxşayırdı… Fikirləşdi ki, indi neyləsin, necə yaşasın, meylini kimə, nəyə salsın?.. Anasından sonra uşaqları da elə bil yad gəlirdi ona. Əri də, qardaşları da. Amma anasından aldığını onların heç birindən ala bilmirdi.
Anası da bilirdi bunu. Həmişə də deyirdi.
- Ananın yerini heç kəs vermir, bala. Havayı deməyiblər: «Ana - rüşvətsiz dostdu.»
Hə, anası onu, ölsə də atmamışdı, günaşırı yuxusuna girirdi. Gah dağın başından, gah meşənin dərinliyindən, gah o biri otaqdan əl eləyib onu yanına çağırırdı. O da gedib-gedib anasına çata bilmirdi… Gah qapı bağlanırdı, gah çaya düşüb suda boğulurdu, gah da getdiyi yerdə ayaqları tutulub keyiyirdi, onu yeriməyə, anasına çatmağa qoymurdu.
Əllərini stolun üstünə qoyub baxdı. Əlləri qocalmışdı, barmaqları anasının barmaqlarına oxşamağa başlamışdı. Bunu hamı deyirdi. Deyirdilər, səsi də anasının səsinə oxşayır.
Astadan:
– A…a…a… – dedi və yenə anasının səsini eşidib qəhərləndi. Sonra da fikirləşdi ki, bəlkə qəbiristanlığa gedib gün batanacan, hava qaralanacan orda otursun, anasının, başdaşıya həkk olunmuş üzünə baxıb hey ağlasın, ağlasın ki, içi yüngülləşsin?..
Amma yadına düşdü ki, qəbiristanlıqda heç vaxt ağlaya bilmir. Anasının qara mərmərə həkk olunmuş gülümsər üzü, soyuq, tənha qəbri, qəbirstanlığın içi boyu əsən kədərli küləyin səsi onun içini heç vaxt tərpətmir. Odu ki, qəbir üstünə bayram günlərində, yaxud anasının ildönümündə qohum-əqrəbayla bir gedəndə, gözündən bircə gilə belə olsun yaş çıxmadığı üçün camaatdan xəcalət çəkir. Anasının qoüum-əqrabası hönkürüb ağlaya-ağlaya başdaşını öpüb qucaqlayıır, arada bir ağlamaqdan doyub altdan-altdan onun sakit üzünə baxır, öz övlad borcunu yerinə yetirmədiyinə görə ona gizli nifrət bəsləməyə başlayırdılar.
Fikirləşdi ki, olsun ki, qəbiristanlıqda ona görə ağlaya bilmir ki, orda anasının ruhu yoxdu. Anasının ruhu əslində hardasa buralarda – bəzən bu balaca, darısqal iş otağında, hərdən heç kim olmayanda, evdə, bəzən küçədə getdiyi yerdə hardasa yaxınlığında dolaşır. Çox vaxt da onu içində hiss eləyir. Elə bil yol getdiyi, yaxud oturduğu yerdə qəfildən içinə şehəbənzər buz kimi sopsoyuq, çəkisiz nə isə düşür. Bəzən də elə bil duman çökür. Ya da bir də görürsən, içində kimsə oxuyur elə bil. Bu da, əsasən gecələr baş verir. Gecə düşəndə, hərə öz otağına çəkilib işığını keçirəndən sonra içinə duman kimi, kölgə kimi düşən anasının qəribə, anlaşılmaz pıçıltıyabənzər həzin səslə oxuduğu mahnıları hiss eləyirdi. Bu sözsüz, bəlkə də sözlü mahnılara sakit qulaq asa bilmirdi. Gözünün yaşı elə bil damarlarına dolub bütün bədəni boyu axırdı.
Olsun ki, ağlayan o yox, anasıydı, ağlayıb gözünün yaşını da onun içinə tökürdü. Hə, anası idi. Olsun ki, anası üçün darıxan da, əzab çəkən də o idi, anası yox. Görünür onun içində yaşaya bilmirdi. Ətə, cana dolmaq, əvvəlki kimi yaşamaq istəyirdi. Bəlkə də onun görkəmində, onun boy-buxununda cavan qadın olmaq istəyirdi
Selektor zəng çaldı.
Müdirin çal saçları alnına tökülmüşdü. Əllərini cibinə qoyub kreslonu fikirli-fikirli o yan-bu yana hərlədə-hərlədə oturmuşdu. Onu görüb dikəldi, stola dirsəkləndi.
– Necəsiz?..
– Babat.
– Gözümə bir təhər dəyirsiz…
Müdirin kədərli üzünə baxanda, yenə qəhərləndi, gözləri doldu. Nə isə demək istəyirdi ki, müdir ondan əvvəl danışdı:
– Bu gün iki müəllif gələcək, peşəkar adamlardı. Planda uyğun bir şey varsa, sifariş verin, qoy işləsinlər. - müdir deyib onun üzünə baxdı.
Gözünün yaşı diyirlənib yanağı boyu süzüldü.
– Nolub sizə?..
– Heç…
– Bikefsiz elə bil. - müdir niyəsə pərt halda dedi, sonra cavab gözləmədən fikirli-fikirli:
– Mən də nə isə axır vaxtlar özümü pis hiss eləyirəm. Elə bil havada nə isə var. Allah bilə, yenə nə isə buraxıblar atmosferə. – dedi.
Evə çatanda hava qaralmışdı. Addımlarını yeyinlədib tələsik yeriyə-yeriiyə fikirləşdi ki, indi Allah bilə uşaqları acından udquna-udquna onu gözləyirlər.
Qapını açarla açıb içəri girəndə uşaqlar hər ikisi: - Urra!!! – deyib qışqırışa-qışqırışa üstünə cumdular, hərəsi bir qolundan sallanıb bir-birinin sözünü kəsə-kəsə bir xeyli danışdılar. Uşaqları əynindən soyunub mətbəxə keçəndə yadına düşdü ki, hazır xörəyi yoxdu. Bir də yadına, ərinin dünən bazardan alıb gətirdiyi, indi gözağrıdan qırmızılıqla soyuducunun yuxarı gözündə onu gözləyən mal əti düşdü. İndi o, paltarını soyunub o əti soyuducudan çıxarmalıydı, ət taxtasının üstünə qoyub dilim-dilim doğramalıydı, o da qanını tökə-tökə onun ürəyini bulandırmalıydı.
Əllərini yuyub, uşaqlara dünəndən qalmış toyuq döşündən və pomidordan tələsik buterbrod düzəldib, mətbəxə keçdi, əti soyuducudan çıxarıb nifrətlə stolun üstünə qoydu.
Qızı, qabağında açıq dəftər, sağ əlində qələm, belini əyib dağ-divara baxa-baxa buterbrod yeyirdı.
Gəlib qızının kürəyinə vurdu.
– Kürəyini düzəlt! Yaz!..
Qızın üzü dəyişdi:
– Nə yazım?..
– Zəhrimar-çor! Nə yazacaqsan?!. Ayın tarixini, tapşırıq nömrə filan…
Qız buterbrodun axırıncı tikəsini udub, əyri-üyrü hərflərlə ayın tarixini, sonra da tapşırığın nömrəsini yazdı, sonra çönüb onun üzünə baxdı.
– Noldu? Üzümə niyə baxırsan?..
Qızı gözlərini döyüb kitaba baxdı və kitabdan oxuduğu bir neçə sözü eybəcər hərflərlə dəftərə yazdı.
Bir istədi vursun uşağı. Özünü güclə saxladı:
– Adam kimi yaz! – deyib içini çəkdi.
Qız diksinib əlini saxladı, sonra yenə, bu dəfə aramla və diqqətlə yazmağa başladısa da, yenə hərifləri əyib-üydü.
Bu dəfə özünü saxlaya bilməyib uşağın qolunu çimdiklədi. Çimdikləyəndə orta barmağının dırnağı qalxıb sındı. Dırnağının altından qan axdı.
Əlini qoltuğunun altına soxub mətbəxə keçdi, orda özünə, bütün dünyaya qarğış tökə-tökə sınmış dırnağını bir təhər kəsdi, yudu və bağladı. Sonra dilimlədiyi əti tavaya töküb odun üstünə qoydu qaşıqla qarışdıra-qarışdıra fikirləşdi ki, hər şey pisdi. Əri də, uşaqları da, işi də, ətrafdakı adamlar da, evi də, bu xörək də.
Əri o biri otaqda, divanın bir küncünə qısılıb gözünü qaldırmadan qəzet oxuyurdu, acından udquna-udquna siqaret çəkirdi. Arada bir qovurmanın iyinə tab gətirməyib mətbəxə girir, siyirtmələrdə eşələnə-eşələnə gözucu tavaya baxırdı ki, görsün ətin bişməyinə çoxmu qalıb.
Ətinsə bişməyinə çox qalmışdı. Ət yağa düşdükcə elə bil get-gedə bərkiyib gönə dönürdü. Hiss elədi ki, özünün də acından başı hərlənir.
Qaşıqla qara tikələrdən birini götürüb üfürdü, dişlədi, ət dişinin altında rezin kimi yığılıb-açıldı. Əri aclığa tab gətirməyib, gəlib arxasında dayanmışdı, qaşıqla çevirdiyi ət tikələrinə baxırdı.
Hövsələsi daraldı, geriyə çönüb:
– Nədi?.. – dedi.
Ərinin üzü dəyişdi:
– Heç elə-belə.
– Nə elə-belə? De ki, dözə bilmirəm də.
Əri içini çəkib soyuducunu açdı, ordan, kolbasa, pomidor, pendir götürüb stola düzdü, dişlərini cırıldada-cırıldada yeməyə başladı. Əri dişlərini cırıldatdıqca, əti ürpəşdi, gözü qaraldı.
– Cırıldatma dişini.
Əri ağzındakı yeməyi saxlayıb ona nifrətlə baxdı, sonra əlindəki bıçaq-çəngəli stola çırpıb ayağa qalxdı, o biri otağa keçib qapını çırpdı.
Yenə gözləri doldu. Nifrət eləyir hər şeyə, yaşamaq istəmir. Allahın rəhmi gəlsin, asan ölüm göndərsin ona.
Əti qarışdıra-qarışdıra fikirləşdi ki, əslində yaşaya bilməyən anasıdı. Anası da ona görə yaşaya bilmir ki, təzə bədəndədi, özünü narahat hiss eləyir. Sonra bu fikirlərdən başında aləm bir-birinə qarışdı, acından, ya əsəbilikdən gözləri qaraldı. Gicgahını ovub fikirləşdi ki, nəhayət ki, hər şeyi başa düşdü. Yaşaya bilməyən, onun gününü də göy əsgiyə bükən, anasını istəyən, elə anası özüdü.
Tavanın ağızını örtüb oturdu, başını əlləri arasına alıb ağladı. Yadına, axşamlar – o, işdən qayıdanda, anasının, bişirib stolun üstünə yığdığı ləzzətli, ədəvalı xörəklər düşdü. Anası xörəkləri süfrəyə düzüb onunla üzbəüz otururdu, sakit gözləriylə onun, acından üzülə-üzülə tikələri az qala diri-diri uda-uda yeməyinə baxırdı, sonra da gülümsünüb:
– Yaxşı-yaxşı çeynə, tələsmə… – deyirdi.
Sonra anası çay gətirirdi. O da yeməkdən doyub, çay içə-içə, gün ərzində nə olmuşdusa, hamısını anasına bircə-bircə, bütün təfərrüatıyla danışırdı. Danışdıqca, sözləri anasının gözünün içindən keçirdi. Anası elə bil onun bütün sözlərini bir-bir yeyirdi, udurdu. Acısı olanda üzünü turşudurdu, şirinini gözləriylə yeyirdi.
– Ana..
Bunu qızı dedi. Əlində dəftər gəlib mətbəxin qapısında dayanmışdı, hürkmüş üzüylə ona baxırdı.
– Gətir baxım.
Gözünün yaşını qoluyla silib tapşırığı oxudu və heç nə başa düşmədi, dəftəri örtüb qızına uzatdı.
– Yaxşıdı.
Gecə ərinin o biri otaqdan eşidilən səsinə oyandı. Əri, səsi titrəyə-titrəyə kiməsə yalvarırdı.
Ürəyi əsdi. Başa düşdü ki, anasıdı… indi də ərinin yuxusuna girib. Anasının, hələ sağlığında ərindən xoşu gəlmirdi. İndi Allah bilir, ərinin yuxusuna necə, hansı qiyafədə girmişdi, olsun ki, onu iri, qara tora salıb ağzını bərk-bərk balayırdı, ya da olsun ki, qara, bulanıq suların altına basıb nəfəsi kəsilənəcən boğurdu…
Ayağa qalxıb o biri otağa keçdi. Asta-asta yeriyib ərinin başı üstündə dayandı, əyilib üzünə yaxından baxdı. Əri yorğan-döşəyin içində elə çabalayırdı, elə bil tora düşmüşdü, çıxa bilmirdi. Sonra elə bil toru yarıb çıxdı, heysiz halda harasa sərlib qırıq-qırıq ağladı və susdu. Elə bil dərin yuxuya getdi. Olsun ki, anası ərini öldürüb rahatlandı, - fikirləşdi - ağ ayaqlarını suya batıra-batıra çıxıb getdi.
Ayaqlarını döşəməyə ehmal-ehmal qoya-qoya öz otağına qayıtdı, yerinə girib yorğanı başına çəkdi. Saçının dibi, boyun-boğazı gicişirdi. Əsəbiləşəndə, ya qorxanda bədəninə həmişə belə gicişmə düşürdü.
Böyrü üstə çönüb qaranlıqda qızına baxdı. Qızı ağzını büzüb deyəsən ağlamağa hazırlaşırdı.
Ürəyi sıxıldı. Fikirləşdi ki, anasından sonra bu evdə hamı ağlayır. Anasının yoxluğu bütün evə təsir eləyir deyəsən.
Qızı ağlamağını bir müddət balaca dodaqlarında büzüb saxladı, sonra birdən-birə sapı qaçan corab kimi bütün üzünə buraxıb, yuxulu-yuxulu, gözüyumulu ağladı.
Ürəyi əzildi. Uşağı qucağına salıb başını sığalladı, sonra çoxlu-çoxlu öpdü.
Sonra nə vaxtsa özü də yuxuya getdi və yenə dünənki yuxusunun ardını gördü. Qəribəsi buydu ki, bu dəfə yuxuda özü bilirdi ki, hər şey yuxudu.
Yenə həmin maşın yola düzəlib ondan uzaqlaşa-uzaqlaşa hayanasa baş alıb gedirdi… yenə maşının ardınca lopa-lopa qar yağırdı… və maşın bu gözağrıdan, soyuq ağlığın içində kiçilirdi, bapbalaca qara nöqtəyə dönürdü… o, yenə ağlayırdı, maşın kiçilib gözdən itdikcə ürəyinin əriyib kiçildiyini hiss eləyirdi… ürəyi də maşınla bir kiçilib-kiçilib balaca nöqtəyə dönürdü… səsi bomboş şəhərə dolub adamsəz binaların arasıyla əks-səda verirdi...
– Ana… a - a… a - a!!!.. – deyib ağlaya-ağlaya, anasını Ölümə yola salmağa yığışan adamlara baxdı… tanımadığı həmi adamlar idi… soyuq təbəssümlə ona elə baxırdılar, elə bil ondan gizlin burda nə isə də baş verirdi… sonra baxıb gördü, anası da burdadı, həmin o tanımadığı adamların içində dayanıb həmin soyuq təbəssümlə ona baxır… saçı ayrı cür idi, əynində də, onun heç vaxt görmədiyi qəribə paltar vardı... üzü də ayrı cür idi… elə idi, elə bil heç vaxt xəstə olmamışdı… Sonra nə oldusa, necəsə birdən-birə başa düşdü ki, anası onu görmür… anası da, o biri adamlar da sən demə, ona yox, ondan bir addım aralıda gözoxşayan nəyəsə baxırlar…
Nəfəsi darala-darala oyanıb qaranlığa baxdı.
Əri yanında oturmuşdu, əlini onun tərli alnına qoyub, oqrxudan, ya iztirabdın iri-iri açılan gözlərlə ona baxırdı. Ola bilsin, onun səsinə oyanıb gəlmişdi.
Qalxıb yerinin içində oturdu. Ürəyi bulandı. Əlini mədəsinin üstünə qoyub:
– Deyəsən boynuma uşaq düşüb… – dedi, ərinə baxdı.
Qaranqlıq idi deyə, başa düşə bilmədi, ərinin gözləri onun bu sözündən güldü, yoxsa kədərləndi. Bir müddət ikisi də heysiz-heysiz bir-birinə baxdılar.
Hava işıqlanırdı…

0 коммент.:

Отправить комментарий