Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


вторник, 2 июня 2009 г.

***Əziz və hörmətlt İsa müəllim!

Sizi, 80 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, yaşadığınız işıqlı Ərazinizdə bitib-tükənməz, əbədi həyat yolu arzulayıram. O Ərazi bizlər üçün nə qədər ələgəlməz və görünməz olsa da, oraların temperaturunu, bəzən üzünüzə, gözlərinizin dərinliyinə hopan ilahi izlərindən hiss edirik.
Bu gün şəklinizi «525-ci qəzet»in səhifəsində görəndə, yaman kövrəldim. Keşməkeşli, maraqlı və üzücü səksən il saçlarınızı ağartsa da, gözlərinizdən oxunan uşaq saflığınıza, hər kəsə nəsib olmayan məhrəm səmimiliyinizə zərrə qədər də olsun, sirayət edə bilməyib. Həm də sevindim ki, Siz hələ də mənim lap uşaq yaşlarından görüb tanıdığım, həmin o həlim təbiətli, saf qəlbli, cavan İsa müəllimsiniz. Bu gün Siz həm də, vaxtı ilə otuz yazıçı ailəsinin birlikdə köçüb uzun illər bir ailə kimi yaşadığı «Yazıçılar binasının» tarixi əyyarını, hələ də öz varlığı, dəyişməz yazıçı əqidəsi və nəcibliyi ilə qoruyub saxlayan fəxri sakinimizsiniz.
Dediyim, həmin o «yazıçı əqidəsini və nəcibliyini», təkcə yaşadığınız o möhtəşəm binada yox, ömrünüzü, yaradıcı xislətinizi həsr etdiyiniz böyük Ədəbiyyat Aləmində də qoruyub saxlamanızla Sizi, bu sahənin də fəxri sakini hesab edirəm. «Gündəm» deyilən ötəri, «şöhrət bazarından» uzaqda durmanız, Qələminizə, Öz Ruhunuza sarılıb çəkisiz, işıqlı həyatınızı yaşamanız, illər ötdükcə, ədəbi mühitin «fəsilləri» dəyişdikcə, insanlarda - oxucularınızda və pərəstişkarlarınızda Sizin şəxsiyyətinizə pərəstiş və heyrət dolu gözəl hisslər yaratmağa davam edir.
Bu dünyanın işlərinə qarışmadan, hardasa kənarda - öz dünyasında yaşayan yazıçının, bu dünyadan bu sayaq iddiasız qaneliyi, məmnun rahatlığı, Onun, maddiyyat girdabında üzülmək taleyindən xeyli yüksəklərdə - Ali qanunların və qadağaların işlədiyi ayrı Zaman ölçülərində yaşadığından xəbər verir və bizləri, insan mövcudluğunun izaholunmaz sirləri saxlanan Böyük İzahlar Astanasının mübarək qapılarına çatdırır.
Yaradıcılığınızın hələ ilkin mərhələləri yazdığınız unudulmaz «Yanar ürək», «Tütək səsi», «Teleqram», «Doğma və yad adamlar», Azərbaycan ədəbiyyatı tarixində, həmçinin «oxu yaddaşı» deyilən böyük Yaddaş Ərazisində, oxucusuyla ilk dəfə səmimi, məhrəm dildə danışan Azərbaycan nəsri kimi qalacağına əminəm. Sonrakı əsərləriniz, insanın qeyri-maddi mövcudluğunu təsdiqə yetirmək cəhdləriylə, yüksək bədiiliyi və elmi-fəlsəfi dəyəri ilə, düşünürəm ki, dünya ədəbiyyatı xəzinəsində öz layiqli yerini alacaq. İnsan qəlbinin qapalı dərinliklərinə aparan bu yol Böyük Ədəbiyyatın yeganə yoludur və o, yalnız Yazıya, Sözə, Qələmə sonsuz sədaqətlə qazanılır.
Əziz İsa müəllim, istəyirəm onu da biləsiniz ki, Sizin varlığınız, bundan sonra ərsəyə gətirəcəyiniz yeni-yeni əsərləriniz - düşüncə və duyğularınız bizlər üçün, bu gün Azərbaycana külli miqdarda gəlir, siyasi, sosial və iqtisadi rifah qazandıracaq bütün təbii resurslardan çox-çox qiymətlidi. O səbəbdən ki, Sizin Sözünüz insanlığa ayrı bir rifah – heç bir maddi sahənin gətirə bilməyəcəyi, qat-qat uca və böyük olan Qəlb Rifahı gətirir.
Taleyindən nigaran olduğunuz bəşəriyyəti də, onun, ərazicə xırda, ruhi baxımdan böyük bir hissəsi olan Azərbaycanı da ölməyə qoymayan və qoymayacaq bu rifahın daşıyıcısı, ötürücüsü Sizsiniz. Buralardan, bizlərdən uzaqlaşmayın, yazın, yaradın, İnsanlığı qoruyun və yaşadın…




Hörmətlə, Sizin A.Məsud

13. VI 08

Комментариев нет:

Отправить комментарий