ÜZÜ İŞIĞA
(roman)
...Birtəhər qalxıb əyləşdi... içi tut yarpağı kimi əsim-əsim əsirdi… Ayağa qalxıb subaşına getmək lazım idi… dizlərinin taqəti isə yox idi. Bunu, ayaq barmaqlarının ucundan üzüyuxarı xırda-xırda yayılan soyuq tərdən hiss eləyirdi. Ayağa qalxsaydı, yene Volqaboyu gəmiylə gəzintiləri yadına düşəcəkdi… yenə darısqal yataq otağı küləkli havada yırğalanan həmin o dar göyərtəyə dönəcəkdi, onu o divardan bu divara, bu divardan o divara itələyə-itələyə başını hərləndirəcəkdi…
Hər şeydən çox isə ona, çarpayısıyla üzbəüzdəki adamboylu pəncərənin xırda gözlü dəmir qəfəsi əzab verirdi… Bir ayın aclığına da, dizlərinin taqətsizliyinə də, göyərtə kimi yellənən otağına da dözərdi, amma o qəfəsə daha dözə bilmirdi... Qəfəsin damaları bir o qədər də xırda deyildi, amma elə bil çölün havasını içəri buraxmırdı, pəncərənin o üzündə dəli həvəslə kükrəyib oynayan soyuq küləkləri onun üzünü oxşamağa, ürəyini soyutmağa imkan vermirdi… Aylardan bəri yığıb içində saxladığı ağrılar dolu səsini də bu qəfəs çölə buraxmırdı...
Neçə vaxtdan bəriydi zarıldayıb ufuldamaları, ah - vayları budu burda, balaca otağın künc – bucağında idi... bir-birinin böyrünə, üst-üstə yığılıb divar boyu cərgələnmişdilər... Hərdən bir başını yastıqdan dikəldib onlara sarı baxırdı… və onları görürdü də… Bir saat əvvəl içini çəkib zarıdığı «vay canım» indi düz onun başının üstündən - tavandan asılıb qalmışdı, indi yuxarıdan aşağı onun bükülü belinə baxa-baxa, bozara-bozara, çəkisiz bayraq kimi asta-asta yellənirdi... Dünənki, srağagünkü, tasrağagünkü zarıltıları havada asılmaqdan ağırlaşıb aşağı enmişdilər. İndi çarpayısının altı da zarıltılarla dolu idi... Yerinin içində qurcalananda, durub ayaqlarını sürüyə-sürüyə subaşına gedəndə ağrı və iztirab dolu bu səslərin altında qaldığını, ayağına dolaşdığını, başmaqlarının burnuna ilişib əzildiyini hiss edirdi… ya bəlkə döşəmə, ya çarpayının özü cırıldayırdı?!.. Hərdən də başından, kürəyinin ortasından bədəninə süzülən ağrılarının ayaqlarından axıb döşəmənin taxtasına sızdığını hiss eləyirdi... Ayağını döşəməyə, basdıqca, kiminsə kürəyiylə - qulunclarını əzə-əzə yeridiyini hiss edirdi…
Boynu da zəifləmişdi, başını güclə saxlayırdı... Axır bir neçə günü isə boynunun gücü lap tükənmişdi… başı, təzəcə doğulmuş çağa başı kimi sinəsinə asılıb qalmışdı… Qarnı da boylu qadın qarnı kimi gün-gündən üfürlənib tarıma çəkilirdi… indi qarnının, dartılıb gərilməkdən gümüşü şırımlar açılan dərisini sığalladıqca, içinin ağrısının əllərinə, qollarına, ordan da üzüyuxarı - çiyinlərinəcən yayıldığını hiss eləyirdi... Qarnının içində günbəgün çoxalıb artan, böyüyə – böyüyə, getdikcə bir az da möhkəm düyünlənən düyünlər nəyin düyünü idi, görən… və görən bir gün çəkilib gedəcəkmiydilər, yaxasından əl çəkəcəkmiydilər?...
Gərək ki, çəkilməliydilər... – heysiz – heysiz fifikrləşib ehmalca sol böyrü üstə çöndü… Həkimlər də belə deyirdi, qonşuları da… Böyük oğlu da deyirdi ki, soyuq dəyəndə də adamın boğazının əti şişir, amma sonra yavaş-yavaş geri çəkilir, sovrulur. Onun qarnındakılar da əvvəl – axır sovrulmalıydılar... sovrula-sovrula geriyə - baş alıb irilə -irilə böyüdkləri yerlərinə çəkilməliydilər, yoxa çıxmalıydılar…
Axır günlər daha oturmağün da onun üçün çətin başa gələn bir işə çevrildiyini, oturanda kürəyinin, belinin sıyıq xəmir kimi quruluşunu itirdiyini, qulaqlarının, təyyarədəki kimi tutulduğunu hiss eləyirdi…
…Döşəyin kənarlarından tuta-tuta ehtiyatla qalxıb oturdu və yenə, fasiləsiz uzanmaqdan keyiyən yançaqlarının, kürəyinin ürək bulandıran bir giziltiylə sızıldadığını duydu... Uzanmağıyla tavanın gözagrıdan çəhrayılığıyla üzbəüz qalmağı bir oldu. Bu yönsüz tavana nə qədər baxmaq olardı axı?!. Yorğan-döşəyə düşəndən bəri tək o yox, bu otağa girənlərin hamısı bu rəngi soluxmuş, maraqsız tavana baxırdılar. Onun üzündən, az qala adama yapışan gözlərindən xilas olmağın yeganə yolu olsun ki, bu idi… Gözlərini qınamağa da heç kimin haqqı yox idi. Axı bu bədbəxt – gözlər, tavanından tutmuş döşəməsinəcən, az qala hər nöqtəsinəcən baxılıb öyrənilən bu darısqal otağın daha harasına, yaxud nəyinə baxmalı idi?!.. Hər gün əlləri daim sabun iyi verə – verə, tavana baxa-baxa gəlib onunla üzbəüz oturan, söz soruşanda da, ya düz divara, döşəməyə, yaxud pəncərənin qəfəsinə baxan ağ xalatlı həkimi də, zarıyıb çaşdırdıgı, gah iynəsini əlindən salan, gah spirti döşəyinə dağıdan alagöz şəfqət bacısı da, yatağının ayaq tərəfində səssiz-səmirsiz dayanıb günahkar üzlərlə uzünə baxan uşaqları da deyirdilər ki, qarnındakı şişlər çəkiləcək. Amma ürəyinin hansı nöqtəsiyləsə hiss eləyirdi ki, çəkilməyəcək… əksinə, getdikcə bir az da artacaq, çoxalacaq, duyunləri gərilə – gərilə günlərin bir günü gəlib xirtdəyinə dirənəcək… Amma ürəyinin o nöqtəsi çox kiçik və gözəgörünməz idi deyə, onun yerini tez-tez itirirdi… Bəzən elə bil o nöqtəni özü, qəsdən itirirdi… Ya da görürdün, həmin o iynə ucu böyüklüyündə olan o nöqtə elə bil özü-özünə irilməyə başlayırdı… irilə-irilə şişib qapqara ovuca dönürdü, ürəyini içinə alıb gücü gəldikcə sıxırdı, əzib qanını tökürdü… Onda otaqdan da, yorğan-döşəkdən də, pəncərənin dar qəfəsindən az-az içəri dolan havadan da ölüm iyi gəlirdi… Ölüm iyi hansısa gülün iyini xatırladırdı... Deyəsən, ləçəyi sarı, ortası ag güllər iyini… Bəlkə də, əksinə, ləçəyi ağ, ortası sarı… Bəlkə də bu, gülün iyi deyildi, otun iyi idi?!.. Üstü hələ tikilməmiş təzə qəbirlərin üstündə yay-qış xırda-xırda cücərən göy otun iyi?!.. O ot indi elə bil hardasa lap yaxında, buralarda bitirdi, otağın hansı küncündəsə cücərirdi?!..
Bu soyuq, təhlükəli iy gecənin ən dərin məqamları belə, belinin, qarnının ağrısını yaddan çıxarırdı… burnunu tutsaydı belə, soyuq nəmişlik kimi yavaş-yavaş dərisinə, saçlarına hopurdu… şeh kimi gözlərinin qapağına yatırdı... onda elə bil bütün bədəni bu qoxudan nəm çəkirdi… Ya bəlkə o iyin vahiməsindən bədəninə tər gəlirdi?!.. Gözlərini qarala – qarala fikirləşirdi ki, yəni doğrudan bu ağrılar, bu sirli ot iyi hər şeyin sonudu yəni?!.. Bəs niyə belə tez, qəfildən, birdən-birə… gözləmədiyi, «ölüm» deyilən sonluğu ağlına gətirmədiyi bir vaxtda?!..
…Hərdən bir, ağrısı ara-sıra keyiyəndə gözünü yumub yaddaşını söndürürdü… Onda elə bil yoxa çıxırdı... üstündə uzandığı çarpayını da hiss eləmirdi… bilmirdi əlləri ha yandadı, ayaqları ha yanda… başı yastıqdadı, ya boşluğa düşüb… Bəzən heç başını yerli dibli hiss eləmirdi… Bircə gözlərini hiss eləyirdi… gözlərinin böyüyüb bütün üzünə… yox, bütün vücuduna yayıldığını, başdan-ayağa yığılıb bir cüt gözə döndüyünü hiss eləyirdi… Belədə qulaqları elə bil daha həssaslaşırdı… elə şeyləri eşidirdi ki?!.. Özü də qoxularıyla, ətirləriylə birgə... Bir də görürdü, gözlərinin qaranlıq qapağının içiylə balaca bir qız pillələri qalxır... əsə-əsə, özünü ayaq üstə zorla saxlaya-saxlaya… O qız gözünün içiylə, bəbəklərini, ürəyini dağıda-dağıda, əridə-əridə qalxırdı… beşcə addım o yanda, pillələri köhnəlib yeyilmiş, yağışın nəmindən qaralıb tiftiklənmiş hündür taxta pilləkənlə şüşəli aynabəndə qalxırdı… Orda anası namaz qılırdı… qaz pilətəsinin üstündəki qazanda pıqhapıqla xörək qaynayırdı… anası pıç-pıç pıçıldayırdı, Allahla söhbət eləyirdi… Pəncərələrinin şüşələri, külək vurduqca, əsim – əsim əsib titrəyirdi… aynabənd boyu barmaqlarının ucunda asta-asta yeridikcə, döşəmənin köhnə, quru taxtaları cır – cır cırıldayırdı… sonra bu cırıltılar, tıqqıltılar, pıçıltılar bir-birinə qarışıb qəribə bir musiqi əmələ gətirirdi... İndi, bu vəziyyətində o, o musiqini dünyanın ən gözəl musiqisiylə belə müqayisə edə bilməzdi. Çünki bu musiqi, həmin o balaca, yarıqaranlıq mənzilin musiqisiydi… onun uşaqlığının musiqisiydi, göz qırpımında uçub getmiş, şirin, acı xatirələrlə dolu taleyinin musiqisiydi… İndi o musiqi yenə uzaqdan, lap uzaqdan gəlirdi qulağına.. Balaca qız balaca, çəlimsiz ayaqlarıyla pillələri qalxdıqca, pillələr, döşəmə taxtaları cırıldadıqca tanış, unudulmaz qoxunu eşidirdi… ürəyi əzilirdi, yumulu gözləri yaşla dolurdu… namaz qılan anasını dizi üstə oturan yerdə arxadan görürdü... Anası gəlişindən xəbər tutmurdu, dodağının altında dua oxuya - oxuya alnını döşəməyə dirəyib bir müddət həmin vəziyyətdəcə qalırdı… sonra ayağa qalxıb dayandığı küncə baş əyirdi… sonra yenə dizi üstə düşürdü və yenə qalxırdı... Elə bil dibsiz, qaranlıq təndirin içinə əyilib çörək yapırdı… burnuna, üstü şirəli, xaşxaşlı qırmızı çörəklərin ətri gəlirdi… sonra, yadına gəlir, o çörəklərin iyini unutmuşdu… Atasını ağlaya-ağlaya, niyə ağladığını özü də başa düşməyə-düşməyə, müharibəyə yola salandan bəri, evlərindəki yemək stolunun üstündə qara möhür kimi qaralan qara çörəyin turşumuş iyinə öyrənmişdi... Ax, o qara çörək… qıcqırmış çiy xəmir iyi verən, içisulu, üzübərk çörək… Onda, yadına gəlir, daşı, taxtanı, dəmiri yeməyə hazır idi, təki o qara çörəyin üzünü görməyəydi, iyini eşitməyəydi... Müharibə qurtarandan sonra da, müharibənin özü yaddaşlardan çıxandan sonra belə, hüzn və vahimə dolu qara kağızlar unudulmaq istəyəndə də, yadına gəlir, bu qara çörək qara xəbər kimi özünü süfrəyə yetirirdi, turşumuş iyiyni ətrafa yaya – yaya hamının qanını qaraldırdı...
Odu ki, anası namaz qılanda həmişə fikirləşirdi ki, yəqin anası da, bibiləri də, böyük bacısı da, atasını həmin o ətirli, qırmızı çörəklərlə birgə yola salıb ağlamışdılar... Olsun ki, onda o da elə həmin o qırmızı çörəklərə görə ağlamışdı… Elə bil atası şəhərin bütün ağ çörərəklərini özüylə aparıb getmişdi...
Bir də namaz vaxtı hiss eləyirdi anası kimdənsə qorxur… özü də yaman qorxur… Qorxusundan gündə üç dəfə dizi üstə çöküb, başını yerə qoyur… yadına gəlir, pərdənin dalında gizlçnib anasının pıçıltısına qulaq asır, heç nə başa düşmədiyindən, pərdənin dalından sivişib barmaqlarının ucunda mətbəxə keçirdi... kətilin üstünə qalxıb taxçadan, dünən anasının bazardan alıb gətirdiyi, əsə-əsə, qabın kənarlarına sıçrayan damcılarını yaylaya-yaylaya bişirdiyi, indi üstü sapsarı, büküş-büküş qaymaq bağlayan südü qabqarışıq götürürdü, eləcə barmaqlarının ucunda yeriyə – yeriyə ehmalca evdən çıxırdı… pilləkənləri əsə-əsə, balaca əlləriylə zorla apardığı litrlik südqabını çalxalaya-çalxalaya aşağı – həyətə düşürdü, pilləkənin altındakı mavi qapını döyürdü... Qapını, əlləri belində bitən gonbul, qırmızıyanaq Manya xala açırdı... Ah, Manya xala… görən indi sən hardasan?!..
Manya xala evlərinin aşağısındakı zirzəmi əvəzinə düzəltdirdikləri balaca, isti evdə olurdu. Onu görəndə niyəsə həmişə ürəyi sevinclə döyünürdü... Bəlkə ona görə ki, Manya xala günəşiə oxşayırdı?!.. Bu qırmızıyanaq gülərüz rus qadını üçün, qəribəydi ki, elə bil qış gəlmirdi… nə aclıq, nə müharibə Manya xalanın gözlərindəki izaholunmaz sevgini zərrə qədər belə olsun, azalda bilmirdi. Ən küləkli, tufanlı havada Manya xala patefonu qurub, samovarı odlayırdı, qonum-qonşunu başına yığıb bütün həyətə səs sala-sala qarmonunda çalıb oynayırdı... Fikirləşdi ki, görən doğrudan nə aclıq, nə müharibə ona təsir eləmirdi?!.. Yəni doğrudan heç nə Manya xalanın vecinə deyildi, yoxsa özünü elə göstərirdi?!.. Bəlkə o bunu, həmin o aclıq illərinin qapqara, soyuq ümidsizliyindən gizlənməkdən ötrü, o illər qəzəbli canavar ulartısıyla ulayan acıqlı yanvar küləklərinin ətürpədən ulartısını eşitməməyin dərdindən eləyirdi?!.. Allah bilə, yazıq Manya o günlər hər şeydən hamıdan çox qorxurdu, amma biruzə vermirdi, özünü bilməməzliyə vururdu. Odu ki, o işıq kəsiləndə, yaxud ümidlər tükənəndə qonum – qonşu, hamı Manyanın başına yığılırdı, onun qırmızıyanaq, dünyadanrazı üzünə baxa – baxa elə bil hamı özünü dəfedilməz, isti qalada hiss eləyib toxtayırdı...
… Manya xala qapını açıb dişlərini ağarda-ağarda gülürdü:
– Nu, radnoy, opyat selyodoçki zaxotelos? – deyirdi…
...Onda o, südqabını səssizcə Manyaya uzadırdı… Manya qabı ondan alıb, içəri keçirdi, orda südü göz qırpımında nəyəsə boşaldıb boş südqabını, bir də kağıza bükülü iki tikə selyodkanı ona qaytarırdı...
– Di nuş canın... – deyib qapını çəkirdi…
Axşamtərəfi isə anası özünü döyüb-öldürürəndə, südünü taxçadan oğurlayanın ölüsünə-dirisinə qarğış yağdıranda aşağıdan – Manya xalanın balaca evindən aram –aram qonaqların səsi gəlməyə başlayırdı... qonaqlar oxuyur, çalıb – oynayırdılar… çəngəl-bıçaq cingiltisi, ləzzətli yemək iylər döşəmənin taxtaları arasından sıza – sıza evlərinə dolurdu...
…Elə bil yenə həmin iylər dəydi burnuna... ürəyi qalxdı, ödü agzına gəldi… Gözünü açıb, suyun dibindən çıxan kimi, nəfəsi təngiyə-təngiyə ətrafına baxdı… havanı iylədi… Heç bir iy – filan yox idi… Üzbəüz kresloda, oturduğu yerdəcə yuxulayan oğlu yuxuda kiminsə sözünü təsdiqləyə-təsdiqləyə, başını tərpədə-tərpədə «aha, ıhı, ıhı, oldu, oldu» - deyirdi.
Fikirləşirdi ki, olsun ki, arvadı girib yuxusuna... Yuxuda da sərəncamlarını verir: «Bunu alarsan, bunu ora apararsan, onu bura gətirərsən…»
Ya bəlkə ayrı adam idi, ona tapşırıq verən?!.. Yox, tapşırıq vermirdilər, kimsə pıçıltıdan boğazı göynəyə - göynəyə oğlunun qulağına deyirdi ki, canını bu xəstə qarıdan qurtarmaqdan ötrü ilk əvvəl çöl qapısını möhkəm bağlamalıdı, sonra xəstəni oyatmamaqdan ötrü barmaqlarının ucunda asta - asta mətbəxə getməlidi... orda yuxu dərmanlarından bir neçəsini şprisə yığıb eləcə ehmal –ehmal da geriyə qayıtmalıdı… o, yuxuda ikən şprisi qoluna keçirib, gözünü yumub dərmanı yeritməlidi...
Oğlu başını təsdiq işarəsi ilə tərpədib:
– Ihı, ıhı, o olar... – dedi…
Başını yastıqdan dikəldib ogluna diqqətlə baxdı… Yoox, oğlunun üzündə zərrə qədər olsun, qorxu əlaməti yox idi...
…Amma bu barədə demişdi axı bir dəfə ona… Bir, ya iki həftə bundan qabaq… ya yox, üç-dörd gün bundan əvvəl… Ağrıdan gözü qaralanda, oğlunun əlindən bərk-bərk yapışıb gözünün içinə baxa-baxa demişdi ki, əgər onun dərdinin çarəsi yoxdusa, əgər onu da, ərini aparan zəhirmar tapıbsa, sonra... sonra bir də «əgər»lə başlayan nə isə də demişdi… Hə, demişdi, əgər onun zərrə qədər övladlıq vicdanı varsa, zərrə qədər anasını istəyirsə, onu bu qədər əzab çəkməyə qoymasın, dərmanın dozasını artırsın…
Fikirləşdi ki, nə qədər də qorxulu olsa belə, hər halda yəqin ki, bu, asan ölüm olacaqdı. Yuxuya gedib yuxunun içindəcə əriyəcəkdi, yoxa çıxacaqdı… O balaca qızın, pillələri çıxa-çıxa, ya düşə-düşə ayağı sürüşəcəkdi, burnunu, alnını siyirə-siyirə pilləkənlərlə üzüaşağı dibsiz, sonsuz qaranlığa dığırlaqacaqdı…
Onda elə yalvara-yalvara, elə səmimiyyətlə demişdi ki, o sözləri oğluna, indi qorxurdu. Çünki o gün onun o ağrılarından elə bil oğlunun gözləri də dolmuşdu, olsun ki, onun halını axır ki, hiss eləmişdi, vəziyyətini başa düşmüşdü və elə bil o gündən oğlu «ona kömək eləmək» fikrinə düşmüşdü. Odu ki, hərdən bir özünü bir az babat hiss eləyəndə, az qalırdı oğlunun əlindən tutub yanında oturda, ağlaya-ağlaya yalvarıb deyə ki:
– Sən bu səfeh ananın sözlərinə qulaq asma, öldürmə məni…
Onda necə gülünc görünəcəkdi?!.. Axı onda – oğlunun əlindən tutub yalvaran həmin o ağrılar dolu gün o doğrudan ölmək istəyirdi?!.. Günbəgün yerini dəyişib getdikcə bədəninin hər tərəfinə yayılan növbənöv yeni – yeni ağrılar onu hər şeydən, özündən cə bezdirib iyrəndirmişdi axı?!.
O söhbətdən sonra hiss eləyirdi ki, hər dəfə oğlu iynəyə dərman yığıb gətirəndə, bədəni soyuyur. Odu ki, dönə-dönə ampulanın içindəki dərmanın ölçüsünü, oğlunun üzünün ifadəsini yoxlayırdı…
Axır vaxtlarsa ağrısı azalıb tamam yoxa çıxmışdı... İndi özü də bilmirdi, yaşamaq istəyir, ya ölmək. Əslində gecə-gündüz döşəyə bitişib, tavanın ürəkbulandıran çəhralığına baxmağın özü də elə ölüm kimi bir şey idi… Fərqi bircə bu idi ki, belədə ölümün rəngi cəhrayıya çalırdı.
Gözünü yumub fikirləşdi ki, olsun ki, ölüm təxminən belə bir şey olacaq… Gözünü yummağıyla yenə o balaca qızı gördü… İndi qızcığaz həmin o köhnə pilləkənlərin məhəccərindən tuta-tuta tələsə – tələsə düşürdü… pillələr də daha o cür qara deyildi, köhnə tiftikli dəsmala oxşamırdı... Çünki yay idi və pillələr günün istisindən, bürküdən qupquru qurumuşdu, rəngi açılmışdı... Balaca qız həyətə – dəf - dumbulun oynaq səsinə düşürdü... dəfi çalan - dayısı idi, səhərsi gün müharibəyə yola düşəcək və bir də heç vaxt bu həyətdə beləcə oturub dəf çala bilməyəcək cavan, gözəl dayısı... Həyətə düşüb dayısının qabağına qaçırdı… orda balaca ayaqlarıyla gah qabağa, gah dala gedib gələ – gələ oynayırdı... o oynadıqca, anası ağlayırdı… böyük bacısının boynunu qucaqlayıb hörüklərini tumarlaya-tumarlaya ağlayırdı. Bacısı isə heç ağlamırdı, dəfin havasıyla sağ ayağını yerə elə vururdu, elə bil qınayan olmasaydı, ortaya atılıb özü də oynayardı… Bir il əvvəl atası da beləcə həyətdə dəf çalıb onu oynadandan sonra müharibəyə yollananda bacısı ortaya düşüb o ki, vardı oynamışdı… bir aydan sonra isə atasının qara kağızı gəlmişdi… bacısı indi də, gözünün qabağında oynayırdı… ucuiti ayaqqabısının dabanlarının səsi dəfin səsinə qarışırdı, dəfin səsini itirirdi...
-Taqqataq! Taq! Taq !!..
…Yuxarıdakı qonşu yenə nəsə sökürdü, yaxsa tikirdi?!.. İlahi, nə qədər bu balaca evi söküb-tikmək olar?! Gah küçə tərəfdən, gah həyət tərəfdən… özü də utana-utana, xəcalət təri tökə – tökə… Ay canım, axı vallah bir evi bu qədər tikmək olmaz, bu qədər sökmək olmaz… Bu nə müsibətdi, nə bəladı?!..
…Taqqıltıya oğlu da ayılmışdı. Yuxusuzluqdan idi, ya taqqıltı səsindən idi, üzü-gözü əyilmişdi…
– Yenə başladılar… - oğlu kal səsiylə deyib yerində qurcalandı…
Qəsdən taqqıldadırlar ki, sən ölməyində, zarıldamağında ol, bizsə hələ ölməmişik və ölməyə də hazırlaşmırıq! Həyat gözəldi, yaşamalı günlər hələ qabaqdadı… Amma onda ki, yuxarı qalxıb onu yoluxmağa gəlirlər, elə yazıq sifət alırlar, adam fikirləşdiyinə də peşman olur. Elə bil gecə-gündüz aşağıdan yuxarı tüstülədə-tüstülədə qutabı qutaba calayan, cızbızı qovurmalara qatanlar, düz divarlarını söküb yerə qoyanlar bunlar deyil... Gəlib onunla üzbəüz oturur, tavana baxa-baxa günah dolu üzlərlə nə isə deyib ah çəkir, dərindən köks ötürüb onun halına acıya-acıya ufuldayır, sonra aşağı düşüb təzədən fəaliyyətə başlayırlar… Elə də həvəslə gedirlər, elə bil özləri heç vaxt xəstələnmiyəcəklər… Xəstəlik də axtarıb-axtarıb onu tapmışdı, xirtdəyinə keçib, zülmət qaranlıq gecələr külək bərk-bərk vıyıldayanda, itlər ətürpədən səslə ulaşanda evin hansı küncündənsə asta-asta qulağına: «günlərini say…» - pıçıldayırdı…
Niyə axı o?.. Axı iyirmi il, bəlkə lap otuz il… yox, əbədilik yaşamaq üçün ki, onun hər cür hazırlığı vardı... Bundan sonra gələcək illərin, ayların, günlərin planları çoxdan ölçülüb-biçilmişdi.
Gələn il kiçik oğlu institutu bitirməliydi. Bu, onun üçün əsaslı bir hadisə idi. Çünki institutu bitirəndən sonra oğlu işə düzələcəkdi və əməlli-başlı maaş alacaqdı. Ən maraqlısı o idi ki, kiçik gəlininin narazı üzünün ifadəsinin tədricən necə dəyişəcəyini görəcəkdi… Hmin o ifadəni o, illər uzunu idi gözləyirdi axı...
…Bunu fikirləşib oğluna baxdı… Oğlu yuxusuzluqdan kiçilmiş gözlərini bir nöqtəyə zilləyib əsəbi-əsəbi qırpa-qırpa, aşağıdan gələn taqqıltı səslərinə qulaq asırdı... İndi beləcə, qulaq asa-asa oğlunun gözləri yumulacaqdı, başı aramla kreslonun söykənəcəyinə düşəcəkdi və o yenə yuxuda müsəlləh əsgər kimi kiminsə sözlərini təsdiqləməyə başlayacaqdı.
Sonra fikirləşdi ki, belə baxanda, əslində uşaqlarının heç birinin ailə sarıdan bəxti gətirməyib. Kiçiyininsə dərdi heç deyiləsi deyil. Evlənəndən bəri kiçik oğlu gün-gündən göz görə-görə arıqlayırdı, saralırdı, ovurdu-ovurduna keçirdi, ayaq üstə durduğu yerdə üzülürdü. Arvadı isə əksinə, gün—gündən kökəlib enlənirdi, yanaqlarının qırmızısı getdikcə tündləşib sumağıya çalmağa başlamışdı… elə bil axır vaxtlar boyu da artmışdı. Əlləri elə yekəlmişdi, bircə şapalağı oğluna bəs eyləyərdi. Yox, kiçik oğlunun dərdi heç deyiləsi deyildi... Arvadı yeməyi ki gördü, gözü elə qızırdı, gözünün qabağında iki uşağının ikisinin də başını kəssəydilər, qanını töksəydilər belə, xeyri olmazdı. Kiçik gəlin yemək yeyəndə ağzını elə marçıldadadırdı, az qalırdı dil-dodağını da yeməkqarışıq çeynəyib uda... elə yeyirdi, elə bil gözləriylə də, əlləri ilə də nələrisə yeyib udurdu… qaz pilətəsinin üstündə pıqqapıqla qaynayan qaynar, alaçiy xörəkləri, buğlanan ət parçalarını elə qaynaya – qaynaya, qovrula – qovrula, dil-dodağını, əl-ayağını yandıra-yandıra, diri - diri udurdu... Gəlinin anasının dediyinə görə, qız hələ uşaq vaxtlarından yeməyə qarşı belə dözümsüzmüş… hələ lap körpə vaxtları, gecikən naharın aclığına tab gətirmədiyindən dəfələrlə əlindəki çəngəllə özünü çəngəlləmişmiş… İndi həmin o çəngəlin yeri gəlinin kök qolunda sədəf möhür kimi ağarmağındaydı… gəlin kökəldikcə, qolları ətlənib yoğunladıqca, o möhür də böyüyürdü, enlənirdi, çəngəl izindən çox, yaba izinə oxşamağa başlayırdı...
…Allah Fatmaya min təsbeh lənət eləsin!.. Hardan gətirib keçirtdi bu qarınqulunu xirtdəklərinə?! Uşağı bazara qaçmaqdan, gündə azı on dəfə beşmərtəbəni düşüb – çıxa – çıxa evə ət, yağ daşımaqdan tay üzülür, nəfəsi kürəyindən çıxır... Bu boyda iştahanın qabağında ərzaq çatdırmaq olar?!.. Heyvərə yağı az qala su əvəzinə içir… Fatma hələ bir əzilə-əzilə tərifləyirdi də onu:«Sakit, dilsiz-ağızsız qızdı…» Olar da dilsiz-ağızsız. Ağzının boş vaxtı qalır ki, bir söz də danışa?!..
– Anan ölsün... – içində dedisə də, oğlu səsinə dik atıldı… yuxulu gözlərini silib:
– İynəni istəyirsən?.. – dedi.
Dilini ağzının içində zorla hərlədə – hərlədə yenə içində:
– Ölmək istəyirəm… -dedi və üzünü divara çöndərdi.
Elə bil oğlu dediyini eşitmədi, kresloya yayxanıb gözlərini yumdu. Ya da olsun ki, oğlu onun dediyini eşitdi, əhəmiyyət vermədi… Axı bu sözü axır vaxtlar nə qədər eşidirdi ondan ki, bir əhəmiyyət də verəydi... Odu ki, özünü tələsik bayaqkı yuxusunun içinə salıb ardını görməyə başladı... Yuxuda isə oğlu görürdü ki, anası qətiyyən ölmək istəmir… ayağa qalxıb əvvəlki yüngül addımlarla mətbəxə keçir, orda, gündə üç-dörd dəfə qaynadılan dəmir şpritsləri iki bölüb zibil vedrəsinə atır, neçə aydan bəri toz basıb bozarmış tül pərdələri dartıb pəncərələrdən yerə salır, hamama aparıb, orda zümzümə eyləyə-eyləyə yuyur, yuyur… o biri əliylə mətbəxdə, iri aş qazanında dovğa bulayır, bulaya - bulaya barmağıyla onu hədələyib:
– Bir də səni o şpritsə əl vuran görsəm ha, ciyərini çıxardaram!.. – deyir – O dombagöz həkimin də ayağı bir də buralara dəyib eləməsin… gəlsə də, gözlükdən bax, açma qapını... Denən «anam öldü tay, əl çəkin yaxamızdan…»
Sonra elə yuxuda, əsəbləri oynaya-oynaya fikirləşdi ki, doğrudan, o dombagöz həkim nə istəyir onlardan?!.. Həkimi çağırarlar, o da gələr. Bu elə «həftə səkkiz, mən - doqquz», tibb bacısını yanına salıb cumur onlara. Niyə bu vaxtacan onu bu qapıdan, iti qovan kimi qovmaq ağlına gəlməyib?!.. Sonra qanrılıb oğluna baxdı və yenə fikirləşdi ki, uşağı bədbəxtdi... Əgər ona da bir şey olsa, oğlu göz görə-görə, əl-ayaq altda öləcək… Salamat vaxtında yenə heç olmasa, arada bir gəlib bişirdiyi düşbərədən, qutabdan yeyirdi, gözünə işıq gəlirdi nə qədər olmasa... Bəs indi nolacaq?.. O öləndən sonra arvadı onun özünü qutaba döndərəcək... əvvəl ətini, sonra da qabığını yeyəcək…
…Bunu fikirləşəndə hardansa burnuna qutab iyi gəldi... yəqin yenə aşağıdakılardı... o, xəstələnədən bəri qutabı – qutaba, kababı – kababa calayırlar ki, iyi ona da çatsın... Sonra da yazıq sifətlərlə gəlib yanında elə otururlar, elə bil yediklərinə peşman olublar… Əlli kərə də öz diliylə onlara deyib ki, indi bu vaxtında xörək iyini qəti götürmür, pis təsir eyləyir ona, ödü ağzına gəlir. Amma gör bir, heç veclərinədi?.. İştahları ki, açıldı, dünyada hər şeyi unudurlar… iştahları da ki, maşallah olsun, elə bil gün – gündən artır ki, azalmır. İndi Allah bilir, aşağıda nə hoqqan çıxırlar?!.. Təki ağızları dada gəlsin, mədələri rahatlansın… onda olsun ki, dünya gözlərində dəyişir, təzələnir, həyat maraqlı gəlir onlara… Axı dadın özü də, həyatdan alınan ləzzətli, maraqlı məlumatlardan biridi. O isə «dad» deyilən ləzzəti çoxdan unudub… İndi nə vaxtsa daddığı hansısa dadın həzzini, istəsə belə, yadına da sala bilmir... Sonra fikirləşdi ki, başı deyəsən xarab olmağa başlayır… indi o xəstədi deyə, camaat öz halal evində oturub bir tikə çörəyini yeməsin?!.. Əlbəttə yeyəcəklər, üstəlik hələ deyib-güləcəklər, yeyib rahatlanandan sonra qalxıb çırtma çala-çala oynayacaqlar da… Onu aparıb basdırandan sonra, açıq havada qalmaqdan acıb ehsanını daha böyük iştahla yeyəcəklər… sonra yağlı dodaqlarını silib: «Allah rəhmət eləsin, yaxşı insan idi...» - deyəcəklər…. Bəlkə elə indidən də deyirlər... – fikirləşdi… isti qutabların qatını açıb qaynar buğunu üfürə-üfürə, sumaqlayıb yeyə-yeyə onun halına acıyırlar, xəyalən onun qəbrinin üstə dayanıb fikrə dalırlar, başsız qalan uşaqlarının acı taleləri haqqında düşünüb kədərlənirlər, onlar düşündükcə, düşünüb kədərləndikcə, nimçədəki qutabların sayı da bir ucdan azalır…
Sonra fikirləşdi ki, insan qəribə məxluqdu... Dərd başına gəlməyincə, ha danış, ha öldür özünü, başa sal, lentə çək, göstər, başa düşməyəcək ki, düşməyəcək. Bax, elə özü… Az olub ki, tanış bilişin, qohum – əqrəbanın yasında otura - otura ölənin halına ağlaya - ağlaya, «fani» dünyanın puçluğuna, bu dünyadan insana qalan son paya - bir qarış qara torpağa görə sarsılıbsa da, üstündən heç on dəqiqə keçməmiş, nimçəsindcəki halvanı sivirə – sivirə fikirləşib ki, evə gedib nə bişirsin ki, axşam uşaqlar dərsdən qayıdanda yesinlər?!.. Bəlkə elə o da qutab, ya dolma bişrəndə, kimsə divarın, ya tavanın o üzündə ögüyə-öyüyə yerə-göyə lənət yağdırıb, onun isə bundan heç xəbəri olmayıb?!..
…Sonra ürəyi bulana-bulana fikirləşdi ki, bu qutab hardan gəlib girdi beyninə axı?!.. Olsun ki, qutab kiçik gəlni ilə bir düşdü yadına. Fikirləşdi ki, yəqin ki, kiçik gəlni çox yaşayacaq… oğlu da qocalıb öləcək, nəvələri də qocalacaqlar, yatağa düşüb zarıya-zarıya, hıqqıldıya-hıqqıldıya bir qurtum su istəyəcəklər... Gəlinsə qocalmayacaq, əksinə, bir az da kökəlib cana gələcək, palıd ağacı kimi möhkəmlənib boy atacaq, qoca nəvələrinə, nəticələrinə qaşıq-qaşıq su, şorba içirəcək, sonra süfrə arxasına keçib tərin, qanın içində boğula – boğula, dil-dodağını yalaya-yalaya fıshafısla hey yeyəcək, yeyəcək…
...Kiçik gəlinin əzəmətli bədəninə, boy-buxununa baxanda, həmişə nədənsə qızına yazığı gəlirdi. Qızı, otuz iki yaşı olsa da, il uzunu xəstələnib qızdırmaqdan daim harasısa ağrıyan arıq, yeniyetmə uşağa oxşayırdı... hər hamiləliyində, onda ki, qızı ağzını tutub gözləri böyüyə-böyüyə hamama qaçırdı, orda ödü ağzına gələ-gələ ögüyürdü, kürəkəninə nifrət eləyirdi... Kürəkəni axmaq adam idi… çox vaxt ona elə gəlirdi ki, kürəkəni ümumiyyətlə adam deyil, heyvan kimi şeydi... bilmir ailə nədi, uşaq nədi, qayınana nədi, ana nədi, kişi necə olur, qadın necə olur... Bilmir evə necə girərlər, necə çıxarlar, necə oturarlar, necə durarlar… Bacardığı bir şey varsa, o da arvadının qarnını böyütməkdi, vəssalam… Hər dəfə də qızının, böyüyüb onu hansısa cücüyə bənzədən qarnını, çillənib üzünə yayılan burnunu görəndə, özünü təhqirolunmuş hiss eləyirdi… Niyə?!.. Burasını özü də başa düşə bilmirdi... Məlum məsələydi ki, hər bir ana üçün, ailə qurmuş qızının ana olması - əslində bayram, sevinc, səadətdi... Elə isə, onda bəs o nədən təhqir olunurdu?.. Bəlkə ona görə ki, qızının hamiləliyi onu, anadan çox yetim, zəif yeniyetməyə oxşadırdı?!.. Ya bəlkə ona görə ki, hər qarnı böyüyəndə, əri evdən-eşikdən didərgin düşürdü, saatlarla, günlərlə haralardasa itib-batırdı?!… Evdə olanda da arvadının qarnına elə təəccüblə baxırdı, elə bil hardan əmələ gəldiyini dəqiqləşdirməyə çalışırdı... Bu yaxınlarda qızıgilə üçotaqlı mənzil verəcəkdilər. Onda qızının canı qayınanasından qurtaracaqdı. Bu yaşa gəlib çatmışdı, hələ həyatında qızının qaynanası kimi adama rast gəlməmişdi. Arvad yol yeriyəndə də ayağınının hərəsini dəvə kimi bir dərəyə qoya-qoya gedirdi. Evin içində yeriyəndə isə, diivarlar əsirdi, şüşələr cingildəyirdi. İndi qızı – həmin o dilsiz – ağızsız yeniyetmə, lap o nağıllardakı kimi, elə bil üçbaşlı əcdahanın qalasındaydı…
…Ürəyi sıxılmağa başladı... Elə bil ürəyinin dövrəsində siçan gəzirdi… balaca, qara siçan. Gəzib-gəzib, arada bir elə bil dayanırdı, sonra yenə balaca pəncələriylə sinəsinin içini cıza-cıza yeriyriməyə başlayırdı... Həkimlərə də deyirdi, siçan gəzir ürəyinin ətrafında… siçanın balaca pəncələrini - ürəyinin yan-yörəsini xırda-xırda cırmaqlayan iti caynaqlarını, bu narahat caynaqların ardınca çöp kimi sürünən nazik, cod quyruğunu bütün dəqiqliyi təsvir eləyirdi həkimə... Həkimsə onun biləyindən tutub nəbzinə qulaq asırdı… elə bil siçanın nəbzinə gəlib çıxmasını gözləyirdi… …Ürəyi yenə elə bil kiçildi, ətrafına hərlənən siçana toxunmasın deyə, özü öz içinə yığılıb yumağa döndü… Yenə otağın havası çatmırdı… Bədəni zəif-zəif əsə-əsə qalxıb yerinin içində oturdu, balışınının altında saxladığı soyuq əl güzgüsünü çıxarıb döşününün altına - ürəyinin başına basdı… güzgünün soyuqluğunu ürəyinə axıtdı... Belədə elə bil siçan ayaq saxlayırdı, elə bil sərinlikdən qorxurdu... Ya bəlkə güzgüdən qorxurdu?!.. Güzgünü, isinənəcən o üz-bu üzünə çevirib, axırda öz üzünə baxdı... girdələnib bayquş gözünə dönən, ağı saralmış gözlərinə, ucu uzanıb qarmaq kimi aşağı əyilən burnuna, sapsarı saralan yanaqlarına baxdı... üzü dünəndəndən bura bir az da dəyişmişdi… dünəndən bura üzündə elə dəyişiklik getmişdi ki, daha yanaqlarını, ya gözlərinin kəsiyini nəyləsə rəngləyib vəziyyətini dəyişə bilməyəcəkdi… Boğazını qəhər tutdu… Son günlər üzü elə bil saat-basaat dəyişirdi... gözünün dairəsi dəqiqəbədəqiqə yığılıb kiçilirdi… burnunun ucu qəribə bir sürətlə nazilə – nazilə sivrilirdi... Son iki günü isə, ümumiyyətlə güzgüdən ona tamam ayrı adam baxrdı… Daha doğrusu, adam yox, tələyə düşən girdəgöz, qanıqara bayquş baxırdı... yatağa düşəndən bəri içində yuva quran o bayquşu hər dəqiqə hiss eləyirdi… indi yenə güzgüdən ona baxan - həmin o bayquş idi... Üzü qəzəb və məkr dolu bu quşla güzgüdə üzbəüz gələndə özü özündən qorxurdu, vahimədən tükləri ürpənə – ürpənə güzgünü tələm tələsik balışının altına basıb gizlədirdi... Hərdən də ona elə gəlirdi ki, bu boz bayquş onun yox, güzgünün içindədi, üzünə baxdıqca, dimdiyini uzadıb gözünü oyacaq... hərdən də özünə yazığı gəlirdi... Gününün bu vədəsində, bu boyda göyün altında bu bədniyabət quşla üzbəüz dustaq qaldığına ağlamağı tuturdu...
Güzgünü gizlədib nəfəsini dərəndən sonra yenə fikirləşdi ki, bu çarəsiz azar görən hansı gün, hansı saat gəlib tapdı onu?!… Bildiyi bir şey var idisə o da idi ki, belə azarlar durduğu yerdə gəlib adamın xirtdəyinə keçmir. Fikirləşdi ki, bəlkə bu zəhrimar xəstəliyin kökünü kiçik gəlni - öz yenilməz iştahıyla az qala dağ-divarı yeyə-yeyə, oğlunun qanını içə-içə, ona göz dağı verə-verə qoymuşdu?!.. Ya bəlkə xəstəliyinin toxumunu – gözü, adam gözündən çox, hansısa su şüşəsinin yaşılını andıran şüşəgöz kürəkəni qoymuşdu?!. Hə, kürəkənin gözü həqiqətən şüşə kimi soyuq və ifadəsiz idi... Heç nə bu şüşə gözləri cana gətirə bilmirdi. Üç-dörd ay bundan əvvəl həmin bu şüşəgöz kürəkən iki gecə dalbadal evə gəlməyəndə, qızı ağlayıb gözünün yaşını qarnının üstünə tökəndə, bu azarın bünövrəsi vardımı görən?..
Əlbəttə, vardı… Bütün ili belinin ağrısından həmin bu çarpayısında üzüdivara oturan o döyüldü?!..
Yox, onu neçə illərdən bəri əsəbləşdirib canını alan, olsun ki, bu gününə gətirib çatdıran bir səbəb vardısa da, o da böyük gəlni idi. Əlbəttə, o idi. Xəstələnib yatağa düşəndə də, yaxasından əl çəkmədi, özünü tələm-tələsik yanına yetirib, başının üstünü Əzrayıl kimi alıb qalibiyyət dolu gülümsər üzüylə:
– Hə, nətərsən?.. – deyən o deyildi?!..
Yəni «şükür Allaha, axır ki, bu gününü gördük». Olsun ki, onu, ağacı ortadan iki bölüb sındıran kimi, sındıranın, bu çarəsi tapılmayan azarın toxumunu bədənində əkənin kim olduğunu özü bilir... Onu ona calayanın… Bu yerə gəlib çatanda, həmişə yorulurdu… yüyrək qaçan kimi nəfəsi təngiməyə başlayırdı... Fikirləşdi ki, fikirləşməyin özü də elə qaçmaq kimi bir şeydi əslində…
Sonra yadına, böyük gəlinlərini onlara calayan adam - illərlə az qala gözünün yağını yedirtdiyi yaxın rəfiqəsi düşdü… Oğlu evlənəndən, neçə illərdən bəriydi bu rəfiqəsinə qarğış eləməkdən yorulmurdu… yatağa düşəndən bəri isə, daha qarğış eləməyə heyi çatmırdı, bir də daha buna həvəsi də yox idi. İndi həmin o rəfiqəsi yadına düşəndə, ancaq nəfəsi təngiyirdi, ürəyində ona üz çevirirdi… Axı Sara ömrü boyu ona rəfiqəlik eləyə-eləyə, həsəd içində yaşamışdı… Onun gözəl üzünə, biçimli bədəninə, onu Məcnun kimi sevən ərinə, bir-birindən yaraşıqlı uşaqlarına, ev-eşiyinə görə… Yox, tək bir bunlara görə yox... Bunu yalnız indi başa düşürdü ki, əslində Sara onun hər şeyinə - xörək bişirməyinə də, musiqidən həzz almağına da, qutab yaymağına da, o qutabları iştahla yeməyinə də, daha nə bilim nəyinə də həsəd apara – apara yaşamışdı. İndi isə Sara arzusuna çatmışdı... indi onun daha həsəd aparılsı heç nəyi qalmamışdı... İndi o o biri otaqlara keçmək üçün ayayğa belə qalxa bilmirdi, evini həmişəki səliqəyə sala bilmirdi… daim qeydinə qalan əri artıq çoxdan dünyasını dəyişmişdi… uşaqları evlənib ondan soyumuşdular, yadlaşmışdılar, özlərinə yeni, doğma ailələr qurmuşdular… İndi daha əvvəlki kimi, bir-birindən dadlı xörəklər bişirə bilmirdi, buna həvəsi də yox idi… iştahası da itmişdi… gözəl üzü, tarım dərisi bu neçə ayın içində tanınmaz hala düşmüşdü… Hə, indi Saranın həsəd aparası bir şeyi qalmamışdı… indi əksinə, o, Saraya həsəd apara bilərdi... Saranın sağlam, qayış - baldır bədəninə, qıvraq yerişinə, təmiz havadan qıpqırmızı qızaran uzun burnuna…
…Sara böyük gəlnini onlara calamaqla özünü həsəd azarından qurtarmışdı, indi daha xoşbəxt, rahat yaşaya bilərdi...
İki ildən sonra böyük oğlu olsun ki, gecə-gündüz, tər-qan içində, əsəbiliyindən yeri-göyü çeynəyə-çeynəyə işlədiyi dissertasiyasını axır ki, başa vuracaqdı. Bəlkə onda dünya malına həris, tamahkar gəlni sakitləşib onun da, oğlunun da yaxasından əl çəkəcəkdi…. Yadına gəlir, həmişə televizorda «Qızıl antilop» multfilimini göstərəndə, gəlnini xatırlayırdı, fikirləşirdi ki, kaş onun da belə bir antilopu olaydı, ya da heç olmasa, o antilopun ayaqlarının qüdrəti onun əllərində olaydı… gecə – gündüz əlni - ədinə vurub qızıl fəvvaəsi yaradaydı və gəlnini qızıl dağının içində basdıraydı... o qədər qızıl yağdıraydı ki, gəlnin başı, ömrünün axırınacan o qızılları saymağa, üst-üstə yığıb büküb bağlamağa qarışaydı… təki oğlunun yaxasından əl çəkəydi, səhər – axşam « pul!..» deyib dad eləməyəydi... Böyük oğlu yadına, illər uzunu yarımçıq qalan və heç cür bitirib başa çatdıra bilmədiyi vacib işi kimi düşürdü… Evlənəndən bəri oğlunun saçı da, nəyə görəsə bədəninin tükü də tökülmüşdü… İndi oğlunun başına, tüksüz sinəsinə baxdıqca, gözünün qabağına nədənsə, gəlninin, güləndə qulaqlarının dibinəcən yayılan yekə ağzı gəlirdi...
…Kiçik oğlu ayılıb başını qaldırmışdı, yuxulu gözlərlə ona baxırdı... Bir qədər beləcə baxıb, olsun ki, onun hələ ölmədiyini dəqiqləşdirəndən sonra, yorğun – yorğun fısıldadı, sinəsini qaşıy-qaşıya ayağa qalxıb başmaqlarını sürüyə-sürüyə dəhlizə çıxdı… bir qədərdən sonra dəhlizdən sü şırıltısının səsi gəldi… Olsun ki, oğlu hamama girib orda əl-üzünü yuyurdu... Bir müddət nəfəsini saxlayıb hamamdan eşidilən səslərə diqqət kəsildi… Oğlu bu dəfə nəyə görəsə həmişəkindən çox yuyundu… ya ona elə gəldi!?… Bir qədərdən sonra oğlu hamamdan çıxıb mətbəxə keçdi, orda soyuducunu açıb içindən nə isə götürdü, stolun üstünə qoyub, oturmaq üçün stolun altındakı kətillərdən birini çəkdi… və çox keçmədi ki, çəngəl – bıçağın səsləri eşidilməyə başladı…
…Oğlu çörək yeyirdi... aramla, ləzzətlə, ağzını marçıldada-marçıldada… və bu dəqiqə heç nə haqda fikirləşmirdi... olsun ki, bu dəqiqə yaxın otaqların birində, neçə vaxtdan bəri dilinə su da dəyməyən xəstə anasını da unutmuşdu… cəmi bir neçə ay bundan əvvəl, həmin o balaca, səliqəli mətbəxdə onunla üzbəüz oturub bir yerdə şam eləməklərini də olsun ki, çoxdan, hələ o yatağa düşməmişdən çox – çox əvvəllər unutmuşdu... son bir neçə ayı xörəyin iyindən ürəyinin bulanmasını biləndə də, oğlu həmin o mətbəxdə oturub çörəyini beləcə sakit-sakit yeyirdi... Olsun ki, hələ onda oğlu, onun iştahının getdikcə kəsiləcəyini, sonradan isə birdəfəlik itəcəyini bilmirdi… Bəlkə də bilirdi?.. Bilirdisə də, qəribədi ki, həmin aramlıqla, həmin iştahla yeməyinə davam edirdi. İndi də eləcə yeyirdi və yadından çıxmışdı ki, anasının boğazından iki aydan çoxdu sudan savayı heç nə keçmir... Axır günlər, şükür məsləhətinə, daha suyu da uda bilmir.
Yadına, uşaqları körpə vaxtı xəstələnərkən, qorxudan həyəcandan ağzının dadını, yuxusunu itirdiyi, yeməyə tərəf baxa bilmədiyi günləri düşdü… soyuq, sakit gecələrlə xəstə körpəsini bağrına basıb səhərəcən gözüaçıq qalmağı gözünün qabağına gəldi...
…Mətbəxdə nə isə yerə düşdü… elə bil çəngəl idi…
Olsun ki, oğlu hələ yeyirdi... görünür hələ çox yeyəcəkdi… doyancan yeyəcəkdi və yalnız doyandan sonra, özünə gəlib xörək iyi verə-verə yanına qayıdacaqdı, çarpayısının ayaq tərəfindəki stullardan birinə oturub, günah iş tutmuş kimi, yazıq-yazıq üzünə baxacaqdı...
...Mətbəxdən ara-sıra ərinmiş yağ iyi gəlirdi... Bu iydən idi, ya nədən idisə, mədəsi qıcqırırdı… içəridə, hardasa qara ciyəri nahiyəsində elə bil bir-birinin ardınca nə isə düyünlənirdi, hörülürdü... Başını döşəməyə sarı çevirib ögüdü...
Oğlu ögüdüyünü eşitdi deyə, mətbəxin qapısını tələsik bağladı və iy kəsildi... amma çəngəl-bıçağın səsi kəsilmədi… Oğlunun şam mərasimi getdikcə uzanırdı...
Sonra ürəyi bulana-bulana fikirləşdi ki, indi o, yeyə bilmir deyə hamı acından ölməlidi?.. Qoy oğlu rahat – rahat yesin, içsin, ölənnən ölməli deyildi ki?!.. Sonra otağa elə bil duman doldu… ağappaq, qatı duman... Bu dumanın iyi yox idi, sərin, tutqun hava kimi aramla üzünə, sinəsinə qonurudu... sonra nə oldusa, qəfildən hər tərəf işıqlandı… elə bil bədəninin ağrıları da, göz qırpımında sovuşub ha yanasa çəkildi… sonra elə bil tamam çəkisiz oldu… Özünü ehmalca tərpədib yüngülləşdiyini hiss elədi və yavaşca dikəlib yerinin içində oturdu... Başı da hərlənmirdi, ürəyi də bulanmırdı, taqətsizlikdən əsər-əlamət yox idi. Cürətlənib ayağa qalxmaq istədisə də, ayaqlarını aşağı salladıb qalxmaq istədisə də, ayaqları döşəməyə dəymədi... döşəmə deyəsən, heç yerli-dibli yox idi... yer də qatı, soyuq dumanın içində idi... çarpayısı isə, qəribəydi ki, dumanın içində, qayıq suyun içində dayanan təki, rahatca dayanmışdı... Dişini dişinə sıxıb özünü ayağa qaldırmaq üçün ayaqlarını dumanın içinə saldı və qalxdısa da, qalxmağıyla harasa aşağı enməyi bir oldu... Çarpayısı hardasa yuxarıda qaldı… Ha əl-qol atıb özünü saxlamaq üçün bir yerdən tutmaq istədisə də, əlinə heç nə keçmədi... Dörd bir yanı – ayağının altı da, başının üstü də soyuq duman idi... dumanın içində çabalaya-çabalaya var gücüylə qışqırdı... Qışqırtısından ürəyi elə sancdı, elə bil ilan çaldı sinəsindən… Sonra elə bil duman seyrəlməyə başladı və o, böyümüş gözlərlə dumanın içindən üzünə baxan adamları seçməyə başladı... Bir qadın, iki kişi idi... Qadını o dəqiqə tanıdı. Dörd-beş il bundan əvvəl vəfat etmiş böyük bacısı idi, ona baxa-baxa, səssiz – səssiz deyəsən ağlayayırdı... Kimsə arxadan, elə bil onun əvəzinə:
– Can bacım... – deyirdi – dərdin mənə gəlsin… Elə darıxdım səndən ötrü… Niyə gəlib bircə dəfə də olsun, dəymirsən mənə?!… Səni gözləməkdən gör bir gözlərim nə günə düşüb?!..
– Necə gəlim, neçə vaxtdı yorğan-döşəyə bitişib qalmışam…
– İndi görürsən, mən nələr çəkmişəm?!.. Onda mən də bu cür yatdım, yadındadı?.. Hər dəfə sən mənə qaşıq-qaşıq su içirəndə, özümə min yol ölüm istəyirdim… İstədim, istədim, öldüm də... sən də istə, bacım… Denən, «ey Hamıdan Uca Allah, məni tezliklə ana – bacıma qovuşdur… Denən, yalvar Allaha... Allah rəhimlidi...
…Bacısının yanında dayanan kişilərdən biri əriydi, o biri – müharibədən qayıtmayan on doqquz yaşlı skripkaçı dayısı... Dayısı əslində ərindən yedi-səkkiz yaş böyük idi, amma indi ərinin yanında elə bil oğlu idi, dayanmışdı... Axı o yaşında dəyişmişdi dünyasını?!.. Yer üzünün yadında da olsun ki, o yaşında qalmışdı... İndi hər üçü dumanın içindən dinməz-söyləməz ona baxırdılar… Elə baxırdılar, elə bil ondan nə isə gözləyirdilər… görünür o da nə isə eləməliydi... ayağa qalxmalıydı, yoxsa ölməliydi?... Sonra bacısı bayaqdan bəri onun qoluna taxdığı iynəni çıxartdı, sonra da əlindəki pambıqla iynənin yerini asta – asta ovdu... Spirtin iyindən idi, ya noldusa, gözünü açıb ətrafına baxdı…
…Tibb bacısı iynənin yerini spirtli pambıqla ovurdu… yanında dayananlar – ayda iki dəfə onu yoxlamağa gələn sahə onkoloqu, bir də kiçik oğlu idi... Həkim iri, donba gözlərini onun üzünə zilləyib, sağ qabırğasının altını dörd barmağıyla basa-basa yoxladı, heç nə demədi, üzünün əzələsi belə tərpənmədi. Elə bil zalım oğlu robot idi. Elə bil heç vaxt heç yeri ağrımamamışdı, ağrının nə olduğudunu bilmirdi və bilməyəcəkdi də. Ömrü boyu evlərə gedib, ona altdan-yuxarı baxan xəstələrə, təcrübə siçanına baxan kimi baxacaqdı. Öləndə də, robot kimi, harasınınsa düyməsini basıb, televizoru söndürən təki, xəstələnmədən, yatağa düşüb zarımadan, bircə dəqiqənin içində, «hıq» eləyib öləcəkdi...
– Ay həkim, dərdimin dərmanı… var, ya yox?.. Bircə bunu de… tay heç nə… istəmirəm… – nəfəsi təngiyə-təngiyə dedi, sonra kürəyinə qaynar su kimi dağılan yandırıcı ağrıdan gözlərini yumdu…
Həkim bir də qabırğasının altını əlləşdirdi, sonra başını qaldırıb:
– Var, var, əlbəttə var... – deyib ayağa qalxdı, bir qədər kənara çəkildi.
– Bəs onda niyə… əmələ gəlmirəm?.. Niyə ağzıma bir tikə çörək… ala bilmirəm…
Bunları deyə-deyə fikirləşdi ki, indi həkim: «Amerika da birdən qurulmayıb…» - deyəcək. Sahə həkiminin, onun suallarından cana gəldiyini yaxşı bilirdisə də, yenə özünü, eyni, küt sualı verməkdən saxlaya bilmirdi.
Həkim əsəbi-əsəbi fısıldayıb əllərini belinə qoydu, ona həmişəki kimi yuxarıdan – aşağı baxıb:
– Amerika da birdən qurulmayıb... – dedi – səbrli olun… - və acıqlı üzüylə qol saatına baxdı.
Lap astaca:
– Amerika hara, mən hara… ay həkim?.. – dedisə də, həkim əhəmiyyət vermədi, ondan zəhləsi gedən kimi çönüb iti addımlarla dəhlizə çıxdı. Oğlu da həkimin ardınca çıxdı, orda - dəhlizin o başındakı hamamda əllərini yuyan həkimlə bir xeyli xısınlaşdı...
İndi həkim orda əllərini sabunlaya-sabunlaya oğluna, onun, bu gün də daxil olmaqla, hələ neçə gün də yaşayacağını deyir. «Az qalıb, bir az da dözün... – deyir: – Bilirəm, belə xəstələrə baxmaq, xəstəliyin özündən ağır işdi... Buna əsəb və hövsələ lazımdı…»
Eyniylə beləcə, yeddi-səkkiz il bundan əvvəl, əri elə həmin bu otaqda, həmin bu ikigözlü çarpayının o biri gözündə uzana-uzana zarıyanda, onun kimi beləcə ögüyüb qusanda, həmin bu həkim, həmin ifadəsiz gözləriylə gah sabunladığı əllərinə, gah da onun, iztirabdan, yuxusuzluqdan əyilən üzünə baxa-baxa, ərinin günlərini saymışdı, həmin bu sözləri demişrdi... indi yadından çıxıb, nədi?!.. Elə bir şey olmayıbmış kimi, gözünün içinə baxa-baxa, onda ərinə dediklərini indi ona deyir... utanıb eləmədən, elə deyir, elə bil nə vaxtsa həmin sözləri dediyi adam o deyil… Bəlkə də utanır?!.. Olsun ki, utanır… odu ki, hər sözünün axırında Amerikanı salır ortaya… Ərinə də Amerikadan danışırdı…
Sonra fikirləşdi ki, axı neyləsin bu yazıq həkim?!.. Nə isə deməliydi axı?!.. Sonra yadına, ərinin xəstəliyi dövrlərində həkimi qapıyacan ötürüb sakitcə ağlaya-ağlaya eyvana çıxmağı, orda, aylarla içilib böyür-böyürə yığılan boş araq şüşələrinə baxa-baxa içkini yaradanın ata-babasına lənət yağdırmağı düşdü... İndi nəyi yaratdığına görə kimə qarğış eləməliydi?!..
– Səbrin olsun bacım, düzələcəksən Allahın köməkliylə… İndi həkim təzə dərman yazar, içərsən, yaxşı olarsan, inşallah…
…Bu da, hər çağırışda, həkimin böyrünə düşüb ona tamaşa eləməyə gələn alagöz tibb bacısının – üzündən iztirab və yorğunluq tökülən orta yaşlı, əzabkeş qadının hər onlardan gedəndə, xudahafizləşməmişdən əvvəl dediyi sözlər idi... Bu əzabkeş tibb bacısının da bir tikə həyası yox idi, bu eyni cümləni bir gilə də utanmadan, gözünün içinə baxa-baxa elə də yaxşı-yaxşı, sakit-sakit deyirdi, elə bil keçən dəfə, ondan qabaqkı günlər dedikləri tamam ayrı sözlər idi... Onun da işi budu, buna görə aybaay maaş alır. Sonra da fikirləşdi ki, yox, tibb bacısı maaşı bu sözlərə görə almır. Maaş üçün bu qədər canla-başla, hər gəlib-gedəndə deməzdi bunları. Tibb bacısı o sözləri deməkdən olsun ki, həzz alırdı… bununla nədəsə, necəsə təskinlik tapırdı. Bu alagöz tibb bacısının da dərdi balaca dərd deyildi. Allaha şükür, kim də olmasa, o ki bilirdi. Ərinin xəstəliyi vaxtı evlərinə gəlib – gedəndə özü danışmışdı ona... Əyyaş kürükənindən, başına gecə – gündüz su axıdan həyasız qonşusundan, topuqlarına, dirsəklərinə yığılıb gecələrlə səhərəcən sızıldayan duzlarından danışmışdı. Onda tibb bacısı dərdlərindən ona danışanda, kədərli görünürdü, amma indi elə bil dirçəlmişdi, rəngi-ruhu özünə gəlmişdi. Yəqin ona baxıb başa düşmüşdü ki, dünyada bircə dərd var, qalanları sadəcə ovqat təlxliyidi... Sonra da fikirləşdi ki, əvvəl-axır bu alagöz tibb bacısı da öləcək, dünyanı tutub qalmayacaq ki?.. Bir də tibb bacısının o dərdləri əslinə qalsa, boş şeylərdi... – fikirləşdi - insan içəridən qubar eləməsə, heç bir azar gəlib tapmaz onu, onun kimi, içəridən qubarlayıb yorğan-döşəyə düşməz... O isə ərə gedəndən bəri hər şeydən iyrənə-iyrənə, əti ürpənə-ürpənə yaşadığına görə içəridən qubarlanmışdı... Əri də beləcə, içəridən qubarlayıb öldü... Dinməz-söyləməz üzünə baxa-baxa, onun deyintilərinə qulaq asa-asa… Yadına, ərinin çarəsiz xəstəliyə tutulduğunu bilən qoca qayınanasının, baldızlarının nəyə görəsə gözlərini onun üzünə zilləməkləri düşdü... Yəni «rahat ol indi, onu bu dərdə sən saldın»… Onda, yadına gəlir, əsəbilikdən qıpqırmızı qızarıb xoruz kimi onların üzünə qabardı… Neyləmişdi məgər ərinə?!.. Amma indi fikirləşirdi ki, eləmişdi, çox şey eləmişdi... Ömrü boyu ona özünü subut eləməyə çalışa-çalışa, hər işdə, hər sözdə onun səhvini düzəldə-düzəldə, ondan hər barədə – gözəllikdə də, savadda da, nəsil-nəcabətdə də aşağıda olduğunu min bir eyhamla üzünə vura-vura, onu dəqiqəbədəqiqə, günbəgün öldürməklə məşğul olmuşdu... Bütün qohum – əqrəba, tanış - biliş bir ağızdan xorla, onun ərindən yüz dəfə gözəl və ağıllı olduğunu dəfələrlə dediyi halda, axı niyə ömrü boyu ona, ondan hər cəhətdən beş qat üstün olduğunu subut eləməyə çalışırdı?.. Niyə ömrü boyu ona – əslində sakit, həlim təbiətli bu adama özünü subut eləmək istəyirdi?!.. Zorla almışdı onu, nədi?..
Ərinin sakit yerişi, məzlum baxışları gözünün qabağına gəldi… ürəyi sıxıldı… Niyə ərinin gözlərindəki o yazıq ifadə bircə günlüyə də olsa, sönüb getmirdi?.. Bəlkə ona görə ki, əri evləndikləri günün səhərisi öz səhvini başa düşmüşdü?!… Başa düşmüşdü ki, gərək özünə, özü kimi adi, sakit bir qadın seçəydi?!.. Yox, əslində hər şey uşaqlar böyüyəndən sonra başladı… - fikirləşdi. Yazıq özü də ölənəcən deyirdi ki, bizim xoşbəxt günlərimiz uşaqlar böyüyənəcən imiş… Amma yox, əri bunu elə-belə, özünə təsəlli vermək üçün deyirdi. Uşaqlar lap xırda olanda da, həftələrlə bir evin içində dinib-danışmırdılar. Danışmırdılar deyəndə ki, o dindirmirdi ərini, onun ürkək suallarına da qısa, soyuq cavablar verirdi, elə bil səsinə də heyfi gəlirdi. Bəlkə ərinin içkiyə qurşanmasının kökünü də olsun ki, onun o nifrət və istehza dolu baxışları və qısa cavabları qoydu… Axı tələbə vaxtları, sonradan nişinlı qaldığı illər də, elə sonralar da onda içkiyə qarşı nəymnki hərislik, maraq belə hiss eləməmişdi. Yadına gəlir o vaxt əri, hələ onda ki, nə əriydi, nə də nişanlısıydı, institutun hörmətli tələbələrindən idi, həm savadına görə, həm də tündməcaz xasiyyətinə görə…İnstitutun ən «bərkgedən» oğlanları da ondan tük salırdılar… Amma evlənəndən bircə il sonra… Yox, dəqiq yadına gəlmir, bir il sonra, ya iki il… əslində indi bunun bir o qədər də fərqi də yox idi… əri dəyişib tamam ayrı adam oldu... Fağır, yazıq… Fikirləşdi ki, niyə o illər o cür nifrət eləyirdi ona?!.. Bunu fikirləşəndə, içindən gömgöy bir ağrı keçdi… Sol böyründən sancılıb bir xeyli içində buruldu, bağırsaqlarını ovub göynətdi… Ağrının göyümtül rəngi elə bil dərisinə də çıxdı, üzünə, sinəsinə, çiyinlərinə yayıldı... O illər elə bil nifrəti də bu rəngdəydi...
Sonra qəfildən necəsə başa düşdü... bağırsaqlarının göynərtisiyə bir yaxşı başa düşdü, niyə o illər ərinə elə nifrət eləyirdi… Hər şeydən əvvəl, gözünü açmağa imkan tapmamış, saqqızını oğurlayıb onunla evləndiyinə görə, bununla da bütün arzularını – hələ məktəb illərindən düşünüb – daşınıb, gələcəyi üçün qurub düzəltdiyi azadlıq və müstəqillik havalı həyatının maketini vurub dağıtdığına, əvəzində ona sağı-solu bilinməyən bomboz, damdarısqal, havasız həyat yolu - birbaş qocalığa aparıb çıxaran dümbədüz, döngəsiz, dayanacaqsız cansıxıcı yaşamaq yolu açdığına görə… Əri, o, uşaq vaxtları anasıyla bir ümumi hamama çimməyə gedəndə, orda güzgünün qabağında dayanıb saçlarını daraya-daraya, isti, sabunlu suyun yuyub bir az da ağartdığı, çəpçəhrayı yumurtaya döndərdiyi bədəninə valeh ola-ola özü barədə fikirləşdiklərini alt – üst eləmişdi, onu «ümumarvad» tayfasının yaşadığı bozbaş iyli, sönük həyatın içinə atmışdı...
Amma onda, hamamda bir-birinin başına buğlu su tökən arvadlar onun belə deməmişdilər. Onlar, gözləri parıldaya – parıldaya, həsədlə içlərini çəkə-çəkə onun gələcək həyatı barədə qəşəng-qəşəng, şirin nağıllar danışmışdılar... Bu nağıllarda o, geyinib-bəzənib dənizin kənarına gəzintiyə çıxırdı, əlini gözünün üstünə qoyub dənizin qurtaracaq nöqtəsinə – işım – işım işıldayan üfüqə baxırdı… orlda - mavi suların üstüylə yırğalana-yırğalana sahilə sarı üzən ağ gəminin burnunda dayanan ucaboy, yaraşıqlı şahzadəni görürdü... Gəmi sahilə yan aldıqca, sahilin adamlarla dolduğunu, qonum-qonşunun, məktəb yoldaşlarının və rəfiqələrinin ona dikilən pərəstiş dolu baxışlarını duyurdu… Gmi sahilə yan alanda gözəl şahzadə onun əlindən tutub göyərtəyə keçirirdi, onda sahildəkilər içlərini çəkib heyrət içində susurdular… gəmi ləngər vurub yola düzəlirdi və o, şahzadə ilə əl-ələ verib dəniz boyu harasa uzaqlara – sonu, qurtaracağı olmayan hansısa çəhrayı ənginliklərə sarı üzdülər…
Fikirləşdi ki, görən o vaxt hamamdakı o arvadlar niyə onun üçun elə nağıllar qurub düzəldirdilər?!.. Bəlkə ona görə ki, onun, onlardan olmadığını necəsə bilmişdilər?.. Amma ərə gedəndən sonra başa düşdü ki, təəssüf ki, o, elə onlardandı… onlar kimi adicə qadındı. Onu da, onlar kimi adi, boz həyat, həmin cansıxıcı məişət, uşaq doğub böyütmək, bozbaş bişirib paltar yumaq əzabları gözləyir...
Fikirləşdi ki, olsun ki, ayrı ərlə hər şey tamam ayrı cür olacaqdı… Bəlkə də yox… Sonra da fikirləşirdi ki, o qədər vaxtı, az qala bütöv bir ömrü bir damın altında, bir-birinə bitişik dörd divarın arasında o boyda nifrətlə üz-üzə, göz-gözə, cəmiyyət xatirinə yalançı xoşbəxtliklə yaşamaq üçün nə boyda qüvvə sərf eləimşdi?.. Bir də axı niyə hansısa cəmiyyətin fikrinə görə özünə o qədər vaxtı o boyda zülm vermişdi?.. İndi hardaydı o cəmiyyət?.. Onun bu halında - hər şeyin yanıb, külə çevrilib ha yanasa sovrulduğu bir zamanda niyə yadına düşmürdü?..
…Bayaqkı göynərti indi içindən qırıq-qırıq keçirdi... Elə bil içində gömgöy qurbağa vardı, o yan-bu yana atıla-atıla çölə çıxmaqdan ötrü yer axtarırdı... Yer isə yox idi... içi, ağzı kip bağlı sirkə qabı kimi, içindəki qıcqırmanı, yandırıcı qaynamanı şişirdə – şişirdə özündə saxlamaqdan tiftiklənib pardaxlanmaqdaydı… Gün gələcəkdi, sirkə qabının şüşəsi içindəki təzyiqə davam gətirməyib onu partladacaqdı, dərisini cırıb içindəkiləri çölə atacaqdı... Onda o göy qurbağa da içindən çıxıb atıla – atıla, sevinə-sevinə o biri otaqlara qaçacaqdı…
…O biri otaqlara qulaq kəsildi… Ev həmişəki kimi sakit idi... Həkimlə tibb bacısı nə vaxt getmişdilər, xəbəri olmamışdı… İndi axı onun çox şeydən xəbəri olmurdu… Səhərn açılmağından, gecənin düşməyindən… İndi hansı fəsil idi, onu da dəqiq bilmirdi… Hə, olsun ki, «axır» deyilən, elə bu idi...
Sonra elə bil o biri otaqda kimsə stulu çəkib oturdu… yoxsa qulağına elə gəldi?!.. Olsun ki, həkim hələ də hardasa buralardadıı, otaqlardan hansındasa əyləşib onun ölməyini gözləyir, oğluyla pıçıldaşıb: «ölür tay, axır dəqiqələridi... – deyir -gördün, nə gəldiyimizi bildi, nə getdiyimizdən xəbər tutdu…»
…Bədəni zəif-zəif üşüdü, üzünə soyuq tər gəldi... Fikirləşdi ki, bəlkə ona elə gəlir, ev sakitdi?! Bəlkə ev heç sakit deyil, bu dəqiqə səs-küydən qulaq tutulur, o eşitmir… Bəlkə də bu dəqiqə o biri otaqlar adamla doludu... tanıdığı, tanımadığı adamlar, üzü ona tanış gələnlər, qonşular, qohumlar, dostları, düşmənləri…
...Başını yastıqdan aralayıb evə qulaq kəsildi… Hə, o biri otaqlar adamla dolu idi… Adamlar stulları çəkir, stolları o yan-bu yana sürüyürdülər, xalçaları yığışdırırdılar, güzgülərin, bufetlərin üzünə ağ çəkirdilər... onun ölümünə tədarük görürdülər... Odu, bax, kimsə, içi qənd dolu çuvalı, o eşitməsin deyə, sakitcə, barmaqlarının ucunda dəhliz boyu mətbəxə sarı sürüyür... mətbəxdən qənddoğrayanların səsi gəlir… arvadlar bir ucdan qənd doğrayıb iri ləyənlərə yığırlar, o birilər doğranmış qənddən ovuc – ovuc qəndqabılara yığıb otaqlara daşıyırlar… Üzbəüz otaqda – həmin otaqda ki, hərdən bir könlünə düşəndə, zümzümə eləyə-eləyə oturub pianino çalırdı – düyü artdayırdılar... Düyünün quru xışıltısı ətini ürpəşdirirdi... hərdən düyütəmizləyənlərdən hansınınsa dırnağı mis mərciməyinin içini cıza-cıza sürüşürdü…
…Bir istədi başını balışının altına soxa… daha doğrusu balışın altına bütün bədəniylə girə… təki bu dəhşətləri eşitməyə…
başı ağırlaşmışdı deyi, tərpədə bilmədi… qolları da ağırlaşıb, içi qənbər dolu dəmir borular kimi böyrünə düşüb qalmışdı…
Hamı iş adamıdı… - ürəyi vahimədən əsə – əsə fikirləşdi - hamının evi, ailəsi, işi – gücü, min dərdi… Ona görə belə tələsirdilər, tez-tez işləyirdilər ki, hər şeyi vaxtında çatdıra bilsinlər.. onu bircə aparıb basdırsınlar, ehsanını verib, təmiz vicdanla, yorğun halda evlərinə qayıtsınlar...
...Elə bil ha tərəfindənsə soyuq külək əsdi... Nə idi bu?.. Gözünü açıb ehtiyatla ətrafına baxdı… Otaqda heç kim yox idi… Bu ölüm nə vaxt gələcək görən, necə gələcək?.. Evin hansı küncündən, hansı saatda, hansı qiyafədə?.. Bu dəqiqə ölümün özü elə bil bir o qədər də qorxulu deyildi… yatağa düşəndən bəri ölümün bir hissəsini necəsə dadmışdı elə bil… Neçə aylardan bəri üstündə uzanmaqdan, kürəyinin əlavəsinə çevrilən döşəyə pərçim olub, gecə-gündüz, saatlarla tavana baxmağın özü ölüm deyildisə, bəs nəydi?.. İndi, bu dəqiqə qorxulu olan bir şey vardısa, o da burdan – bu işıqlı otaqdan, ora - qapqaranlıq boşluğa aparan naməlum yolu keçmək, o rəngi, yönümü bilinməyən qorxulu məsafəni qət etmək idi... O yolun uzunluğu nə qədər idi, oranın divarları, döşəməsi, tavanı nə rəngdəydi… yaxud ümumiyyətlə divarları, ya döşəməsi vardımı?.. Bunu heç cür təsəvvürünə gətirə bilmirdi... təsəvvürü bulanıb qarışırdı, bədəni, mənası özünə də bəlli olmayan, soyuq cərəyanabənzər qəribə təkanlardan yığılıb titrəyirdi… Hərdən ona elə gəlirdi ki, həmin o yolun axırı, hansısa işıqlı genişliyə aparıb çıxaran damdar, havasız, lakin harasa üzüyuxarı sürünə-sürünə gedib çıxa bilməyəcəyi boruyaoxşar bir dəhlizdi... Təxminən bunabənzər bir dəhlizi o, əvvəllər də, uşaqlıq vaxtları tez-tez yuxuda da görürdü... görürdü necə o dəhlizin divarlarına sürtünə – sürtünə harasa üzüyuxarı sürünür… dəhliz getdikcə gah boru kimi daralıb onu məngənə kimi sıxır, havasızlıqdan boğulur, gah da genişlənib divarları, döşəməsiqarışıq elə bil yoxa çıxır… Onda, yadına gəlir, gecənin bir aləmi yuxudan ayılıb, bədəninə soyuq tər gələ – gələ, nəfəsi təngiyə – təngiyə fikirləşirdi ki, görən lap yuxarıda, elə hey sürünə – sürünə yaxınlaşdığı, amma heç cür gedib çata bilmədiyi həmin işıqlı boşluq hara açılır və ondan o üzdə nə var?..
İndi isə başa düşürdü o nə yerdi elə... Ora yorğan-döşəyi, çəhrayı tavanı, divarları, cırıltılı qapıları, əli iynəli, eynəkli həkimləri, maşın səsləri, bozbaş iyi, səhər-axşam gah yanan, gah sönən lampalarını yuxarıdan aşağı adama zilləyən çılçıraqları olmayan pəncərəsiz, qapısız başlanğıcsız və qurtaracaqsız, dərman iyi gəlməyən işıqlı bir yerdi... Ən əsası da o idi ki, orda onun özü - əl-ayağı, hardan hansı tərəfə baxdığı, bədəninin çəkisi, içində ölü quş kimi asılıb qalan ürəyi, səsi və sairə hissolunmaz bir yoxluğun içində olacaqdı... Bundan gözəl nə ola bilərdi ki?!.. Ömrü boyu bunu yuxuda görməyinin mənasını da indi başa düşürdü… Ömrü boyu üzüölümə gedirmiş... Sən demə, elə uşaqlıqdan ora can atırmış...
...O biri otaqlardakıların səsi get-gedə elə bil çoxalırdı... səslər bir-birinə qarışırdı... Arvadlar onun haqqında açıq-açığına ağlaya-ağlaya, hıçqıra-hıçqıra danışırdılar... Onun gözəlliyindən, səliqəsindən, adamları fil hövsələsiylə dinləmək bacarığından… Arvadlar danışa – danışa həm də hər şeyin yerini dəyişirdilər, otaqları boşaldırdılar... Pianinonun üstündəkiləri, bufetin içindəkiləri yeşiklərə yığırdılar... Elə bil üçpərdəli, ikişəkilli pyesin tamaşası bitmişdi, indi səhnənin dekorasiyasını sökürdülər…
...Qonaq otağının pəncərələri, yiyəsiz evin pəcərələri kimi taybatay açılmışdı... pərdələrin ilgəkləri ordan-burdan qopmuşdu... İndi, onun sevimli xara pərdəsi pəncərənin bir kənarına yığılıb qalmışdı... arada bir içəri dolan külək onu çəkib bayıra çıxarırdı, ətəyindən yapışıb var gücüylə harasa aşağı dartırdı… dartıb olan-qalan ilgəklərini də yerindən qoparırdı… külək pərdəni pəncərənin asılqanından yerli-dibli çıxatrmaq, çəkib aşağı - küçəyə atmaq, ayaqlar altına sərib toz-torpağa bulamaq istəyirdi ki, küçədən keçənlər, qonşu pəncərələrdən baxanlar bu mənzərəni görüb bir ağızdan içlərini çəksinlər, təəsüf və kədər içində:
– Zərifə də öldü… – deyib fikrə getsinlər...
…Sonuncu ilgəyindən qopub aşağı – küçəyə atılmaq istəyən pərdənin səsini aydın eşidirdi... Pərdə, onun içi kimi əsim-əsim əsirdi, gücü getdikcə azalırdı… Qəfildən o biri otaqda, pəncərənin altında yerə dağılan ilgəkləri gördü… bu, pərdənin yox, onun ilgəkləri idi... bu vaxtacan onu ayaq üstə saxlayan ilgəklər idi… açılıb yerə tökülürdülər, onu buraxırdılar…
…O biri otaqlarda gəzişənlər, o küncdə - bu küncdə xısın – xısın pıçıldaşan adamlar olsun ki, heç düyü arıtlamırdılar... Qənd doğrayan-zad da yox idi... Olsun ki, o biri otaqda vurnuxanlar - onun özünküləriydi… uşaqları, gəlinləri, nəvələri… malını bölürdülər… İllərlə boğazından, əynindən kəsib damla-damla, qətrə-qətrə, üst-üstə yığıb topladıqlarını... Sevimli üzüklərini, sırğalarını, boyunbağılarını…
Onları dar gününə yığmışdı... İndi də həmin o dar günü gəlib çatmışdı… Seçib-bəyəndiyi, özünə arxa bildiyi o daş-qaş, indi gözünə dəyən o biri əşyalar kimi - divar kimi, döşəmə kimi vecsiz və mənasız idi... indi həmin o daş – qaş o biri otaqlarda uşaqlarının gözünü qamaşdırırdı, onu uşaqlarının yadından çıxarırdı... üzübərk soyuqluğunu uşaqlarının qanına, canına yeridirdi… İndi uşaqları qonaq otağındakı şabalıdı bufetinin xırda, açarlı gözünü açıb ordan qara domino qutusunu tapmışdılar... illərlə içinə, ağappaq pambığın arasına yığdığı üzüklərini, bilərziklərini, sırğalarını stolun üstünə töküb bölüşürməklə məşğul idilər... Bu mənim, bu mollanın, bu sənin, bu mollanın…
...Ürəyi elə bil dayandı... sinəsinin içi sol tərəfdən elə bil bərkidi... və elə həmin an, hardansa yadına, böyük bacısının bir neçə il bundan əvvəl həmin bu çarpayının o biri gözündə can verməyi düşdü... Ömrü boyu Xırdalanda, orta məktəbdə dərs deyən bacısının – yaşı 70-i ötmüş qaradinməz, qarabuğdayı qadının iki gün – iki gecə kimlərləsə əlləşə-əlləşə, vuruşa-vuruşa, kimlərsə gözünü ağarda-ağarda, dişini qıcıya-qıcıya dünyasını dəyişməyi gözünün qabağına gəldi... Həmin o iki günü, bacısının balaca, dördkünc dama qutusuyla evin içində hərlənə-hərlənə qalmağını xatırladı... O qutuda, qırx il bundan əvvəl bacısına gətirilən brilyant sırğa, üzük, qolbağ və boyunbağı vardı. Onların birini də bu qırx il ərzində bacısı qulağına, boynuna taxmamışdı, bacısı düz qırx il bu üzük-sırğaya həmin o balaca dama qutusunun içində baxmışdı... Üstü yaşıl damalı dəmir qutu bu qırx ilin ərzində saralmışdı, köhnəlmişdi, üstünün rəngi, damaları soluxub getmişdi, içindəki brilyantlar isə saralmamışdı, köhnəlməmişdi, əksinə, qırx il əvvəlkindən daha çox parıldayırdı... Yadına düşdü, necə bacısı can verdikcə, qutu ona doğmalaşmağa başlamışdı, yerində dingildəyib onunku olmaq istəyirdi… əlinin içinə, döşünün arasına, qoltuğuna sığınmaq istəyirdi... Yadına gəlir, bacısının gözləri ifadəsini itirib qara, cansız muncuqlar təki bir nöqtəyə zillənib qalanda… onda ki, bacısının rəngi saralıb, qırışlı üzünü muma oxşatmışdı, son nəfəsi boğazında çalxalanıb sönmüşdü, o, hiss eləmişdi ki, neçə illərdən bəri uzaqdan-uzağa həsrətlə baxdığı, gah işığa, gah qaranlığa tutub təmizliyini yoxladığı brliantlarla dolu köhnə dama qutusu daha onunku oldu... Yadına düşdü, necə o brliantlar bütün yası onu ağlamağa qoymurdu, beyninə girib bacısını, yasıqarışıq hər şeyi yadından çıxardırdı…
...İndi o brilyantlar onun üçün də heç kimi ağlamağa qoymayacaqdılar, gizli-gizli parıldayıb işıq saça-saça onu yaddan çıxaracaqdılar… Yazıq əri də həmişə bunu deyirdi… elə bil bilirdi ki, əvvəl – axır belə olacaq... Odu ki, hər uşaq boynuna düşəndə, qanı qaralırdı, kədər bürüyürdü sifətini... içini çəkə-çəkə, yana-yana:«Neyləyirsən, bu qədər uşağı?.. Elə bilirsən, başına tac qoyacaqlar?!…» – deyirdi. Bir də deyirdi:«bizim ağ günümüz uşaqlar evlənənəcən imiş…» Əri bu sözü qəribədi ki, ölənəcən deyirdi. Sən demə, yazıq elə düz deyirmiş...
Böyük oğlunun toy tədarükünə başlayandan kişi ikiqat oldu, bircə ilin içində elə bil qocaldı, gözlərinin işığı söndü. O günlər… o günlər ki, gərək sevincləri yerə-göyə sığmayaydı, ikisi də özünü ağır cinayət üstündə yaxalanmış məhkum hiss eləyirdi... yadına gəlir, daim nədənsə narazı qız evinin, bitib yetməz iddiaları altında inləməkdən ər – arvad özlərini dünyanın ən axırıncı adamları hesab edirdilər... Ya nə isə çatmırdı, ya çatanın forması lazım olan səviyyədə olmurdu, ya oğlu qədim el adətinin hansı bəndinisə pozub, nəyisə düz eləmirdi... Yadına, o günlər ər – arvad həftələrlə bir-biriylə danışmadıqları düşdü... Yadındadı, onda əri gözündən elə düşmüşdü, elə bilirdi, ərindən əfəl, yazıq adam yoxdu dünyada. Bu balaca, miskin adamla nə vaxtsa ər-arvad kimi bir yastığa baş qoyduğuna görə, öz-özündən utanmağını, əriylə ayrı cür davranmağını xatırladı… Ürəyi çırpına-çırpına fikirləşirdi ki, yazıq ərinin nə günahı vardı onda?… Məgər o günahkar idi ki, oğlu gedib o cür yekə yerdən yapışmışdı, prokurorun qızına aşiq olmuşdu?!…
Sonra da yadına düşdü ki, oğlu heç kəsə aşiq olub eləməmişdi... O prokuroru da, prokuronun qızı da o özü tapmışdı… Yadına gəlir, nişanlı vaxtında qızgilə gedəndə, ər-arvad qollarını məhbus kimi sinələrində çarpazlayıb, müttəhim kürsüsündə əyləşən kimi, qızın atasıyla üzbəüz otururdular. Qızın prokuror atası da onlarla quda kimi yox, prokuror kimi danışırdı. Daha doğrusu, dindirirdi onları... Faciənin bünövrəsi - elçilik mərasimində – oğlunun ayrıca mənzili olmaması məsələsi ortaya çıxanda qoyulmuşdu. Gəlinin onlarla bir evdə yaşayacağı məsələsi ortaya çıxanda mərasimin havası birdən-birə dəyişmişdi, qız evi tərəfi pərtləşib nəyə görəsə pörtmüşdülər, mənası hələ də ona məlum olmyan təhlükə və ehtiyat dolu baxışlarla dinməz – söyləməz bir-birinə baxmışdılar... Qızın atası isə ağarıb mum rəngi almışdı, anasınınsa gözləri dolmuşdu… Onda, yadına gəlir, ər-arvad xəcalət təri tökə-tökə başlarını yerə dikmişdilər... indiki kimi yadına gəlir, gözünün yanıyla ərinə baxmışdı... ərinin - onunla bir damın altında iyirmi beş il yaşamış həmin adam olmadığını, yanında tanımadığı, tamam ayrı, balaca, yad bir adamın əyləşdiyini də elə o axşam anlamışdı... bu cür bacarıqsız, əfəl bir adamın arvadı olduğuna görə, o boyda adamın içində ölüb yerə girmişdi… Çox çəm-xəmdən sonra, qızın atası ev məsələsini öz boynuna götürmüşdü və elə o vaxtdan qudalarının evinə, dindirilməyə gedən kimi gedib-gəlmişdilər...
…Fikirləşdi ki, axı niyə o vaxt qoyun kimi o «dindirilmə» mərasimlərinə dözmüşdülər?! Qız qəhət idi, nədi?!
…Hardansa böyür tərəfdən, sağ qabırğasının altından elə bil mədəsinə qaynar su axdı… Əlini ehmalca mədəsinin üstünə qoyub asta-asta ovuşdurdu... O vaxt yadındadı, oğlunu da qızla görüşə zorla göndərirdi... O vaxt uşaqlıq rəfiqəsi Saranın sözləri sırğa olub asılmışdı qulağından:«O qızı alsan, o ailəylə qohum olsan, ömrünün axırınacan oğlundan arxayın ola bilərsən». Məsələ də elə burasındaydı ki, o günlər uşaqların heç olmasa, birindən azad olmaq, maddi və elə o biri cəhətlərdən də yüngülləşmək onun üçün zəruri əhəmiyyət kəsb edirdi… Çünki daha səbri qalmamışdı, hövsələsi bitmişdi... bezmişdi... Heç olmasa, birinin paltarını, yorğanüzüsünü, qab-qacağını yumaqdan, cibinə hər gün pul qoyub, əyin-baş almaqdan, gecələr yuxusuna haram qatıb yolunu gözləməkdən, qapını açıb yeknəsəq istintaq prosesləri qurmaqdan, əsəbiləşib deyinməkdən cana doymuşdu… Onda dəqiq bilirdi ki, həmin qızı alsa, canını bu əzabların böyük bir hissəsindən qurtarmış olacaq...
Yaman da qurtardı canını... – fikirləşib zəif – zəif əsnədi… İndi böyük oğluna baxdıqca, vicdan əzabı çəkirdi... İndi oğlu da həmin o müttəhim kürsüsündə əyləşmişdi… Özü də həmişəlik. Odu ki, oğlunun üzündən dustaq həyatının iztirabları yağırdı... Yadına, bir neçə ay bundan əvvəl, hələ onda ki, bu andıraqalmış xəstəliyin əlaməti yox idi, oğlunun həmin o məzlum dustaq sifətlə gəlib onunla üzbəüz oturmağı düşdü... Onda ana-bala gecədən xeyli keçənəcən dərdləşmişdilər, keçmiş günləri yada salıb, sonra hərlənib-fırlanıb prokuror qayınatanın üstünə çıxmışdılar. Onda oğlu gözünü hansısa naməlum nöqtəyə zilləyib:« Bu dünya ölüm-itim dünyasıdı» – demişdi, – «ürəyini qısma, prokurorlar da bu dünyanı həmişəlik tutub qalmır… - demişdi - onda biləcəklər qədrimi, başıma fır-fır fırlanacaqlar» -demişdi, sonra oğlunun üzü dəyişmişdi, gözləri bic-bic parıldamışdı: «burda deyiblər: «kim qazana, kim yeyə…» Onda, yadına gəlir, elə həmin o gecə başının tükləri qabara-qabara, otuz yaşınacan əmlik quzu kimi saxlayıb böyütdüyü oğlunun – bu sakit, bu fağır, bu tənbəl uşağın, qayınatasının ölümünü beləcə səbirsizlik gözləməsi barədə düşündükcə, yuxusu ərşə çəkilmişdi, oğlunun bu gizli arzusu ona, uzun illərin dustaq həyatından cana yığılmış məhbusun azadlığa çıxmaq yanğısı kimi görünmüşdü... Fikirləşdi ki, olsun ki, o vaxtlar, elə indinin özündə də oğlunun, qayınatasının ölümü ilə bağlı həmin o gizli arzusu, artıq arzudan da o yana keçir, olsun ki, müti kölə həyatından cana yığılmış oğlu qaranlıq gecələrlə, hamını yuxuya verib, gözlərini qaranlıq tavana zilləyə - zilləyə prokuroru öldürmək üçün növbənöv planlar cızır, götür-qoy eləyir…
…Bu yerə gəlib çatanda, yenə bədənindən, o gecəki giziltili üşütmə keçdi... Yadına, həmin o gecədən bir neçə ay əvvəl, oğlunun o prokuror - qayınatasının öz bağındaca nədənsə zəhərlənməyi, xəstəxanaya çatdırılaraq, orda bir yığın dava – dərmanla güclə xilas edilməyi düşdü… Olsun ki, - fkirləşdi – həmin gün zəhərlənməni yaradan, onların dediyi kimi, balıq – filan deyildi… Olsun ki... Bu yerdə nəfəsi daraldı... Yox, bu daha lap ağ oldu... Bir də niyə həmişə beyninə məsələlərin ən pis tərəfini gətirir?!.. Amma gözləmək məsələsi dəqiq idi. Oğlu, onu naz-nemət içində saxlayan, altına maşın alıb qoyan, ev tikdirən qayınatasının ölməyini gözləyirdi... Qaynatasının ölümündən sonra daha nə əyriağız arvadı, nə də dil – dil ötən çatmaqaş qayınanası özlərini indiki kimi aparmayacaqdılar, onunla muzdur fəhlə kimi rəftar eləməyəcəkdilər. Hə, oğlu elə-belə də deyirdi: «muzdur fəhlə…» Odu ki, oğlu dinməz – söyləməz dözürdü… vaxt udurdu… arvadının qohum-əqrəbasını hövsələylə ora-bura daşıya-daşıya, günlərini saya-saya gözləməklə məşğul idi… Fikirləşdi ki, oğlu beləcə gözləyə-gözləyə də qocalacaq, beli büküləcək, saçı töküləcək… O söhbətdən bu yana neçə – neçə illər ötmüşdüsə də, bu illər ərzində nə qədər adam dünyasını dəyişmişdisə də, oğlu atasını, indi də anasını itirmək üzrəydisə də, o tərəflərdə heç bir dəyişiklik baş verməmişdi... prokuror – qayınata həmin şuxluğunda, öz yerindəcə cağbacağ oturmuşdu... hələ üstəlik vəzifəsi də artmışdı. Vəzifəsi yüksələndən bəri qayınata özüylə xüsusi məşğul olmağa başlamışdı... ağappaq çinidən özünə otuz iki diş ədəd düzəltdirmişdi, ildə iki dəfə Moskvaya uçub, orda ən bahalı klinikada, dazlaşmış başına tük əkdirirdi... odu ki, də axır vaxtlar prokuror – qayınata cavan oğlana oxşamağa başlamışdı... İndi kürəkəniylə yanaşı oturanda, kimin kimin kürəkəni olduğunu ayırd eləmək olmurdu.
…Fikirləşdi ki, demək belə çıxır ki, oğlu – bu kitabsevər elm fədaisi, evlənəndən bu yana, yəni düz on üç ildi ki, cinayətkar xislətiylə yaşayır... Gecə-gündüz kiminsə ölümünü fikirləşmək - cinayət deyildisə, nə idi?.. Odu ki, də oğlunun üzündən dustaqlıq həyatının iztirabları yağır...
…O biri otaqlarda səs-səmir kəsilmişdi... nə külək əsirdi, nə düyü artlayırdılar… Dombagöz həkim yenə yanında idi, həmişəki yerində əyləşib dizinin üstə yenə nə isə yazırdı... Nə yazacaqdı?!… Məlum məsələydi ki, yazdığı sevgi məktubu deyil… yenə bir sicilləmə dərman adı yazır... Həmişə də elə əcayib dərman adları tapıb yazır ki… Hardan eşib çıxarır o adları?!… Özü də elə bil qəsdən lap acılarını yazır ki, tay birdəfəlik əl çəksinlər yaxasından, həftə - səkkiz, mən - doqquz deyib, onu bu səkkiz mərtəbəyə dırmaşdırmasınlar... Ya da olsun ki, ona görə elələrini yazır ki, onsuz da acı həyatı bir az da zəhərə dönsün, dünya gözündə bir az da qaralsın... Bir sözlə, tezcə rədd olub getsin...
…Gözünün yanıyla baxıb gördü, həkim heç nə yazmır, əlini əlinin üstünə qoyub diqqətlə onun üzünə baxır... Elə baxır, elə bil üzündə nə isə axtarır… Ya bəlkə üzündə nə isə bitmişdi?!… Gül bitmişdi, ya balaca göbələklər basırdı yanaqlarını, yoxsa bəlkə çil basırdı üzünü?!… Axır nəydisə, həkimə yaman təsir eləmişdi, gözünü onun üzündən ayıra bilmirdi... Həkim bir müddət beləcə baxıb-baxıb, sonra əlini onun saçına çəkdi, qəribə bir nəvazişlə:
– Az qalıb daha… - dedi.
...Nəyə az qalıb?..- ürəyi əsəbi – əsəbi çırpına – çırpına fikirləşdi - …Üzündə nəyinsə bitməyinə, ya onun bura gəlib-getməyinə, ya bəlkə qapqara caynaqlarını yarasa caynağı kimi canına keçirən bu çarəsiz azarının sona yetməyinə?!.. Ya da… Burda ürəyi titrədib yenə susdu… Yoxsa ölümünə az qalıb?… Hə... hə... ölümünü deyir... ölümünə az qalıb… Odu ki, bayaqdan gözünü üzündən çəkmir... Üzündə bitən – demək gül deyil... göbələk də deyil... Üzündə ölümün özü bitirdi yəqin... burnunun ucunu saraldıb uzada-uzada, gözlərini çökəyə salıb söndürə-söndürə...
Bir istədi, sinəsinə ilişən nəfəsini dərib soruşa ki, «axı nəyə az qalıb?..» – nəfəsini dərə bilmədi... Nəfəsi elə bil hülqümundan içinə mıxlanan tarım sim idi, onu içindən çəkib çıxarmağa taqəti çatmadı... beləcə boğulub çabalamağa da təqati yox idi... odu ki, beləcə - gözü həkimin nəvaziş dolu üzündə, nəfəssiz halda uzanıb qaldı... Amma ölmədi... gözünün yanıyla, hələ də ona baxan həkimi görürdü, çarpayının aşağı başında, tibb bacısıyla, yanbayan dayanan kiçik oğlunu da görürdü... Amma onların heç biri onu görmürdü... heç biri görmürdü, necə o, nəfəssiz bədəniylə uzanıb onlara baxır... Necə də nəfəssiz sakit uzanırdı… gözləriylə nəfəs alırdı, nədi?!… Bəlkə artıq ölmüşdü… daha nəfəs-zad lazım deyildi ona?!.. Allah bilir… Olsun ki, ölmüşdü... çarpayısının ayaq tərəfində dayananlar – oğlu, qızı, həkim və tibb bacısı onun ölüsünə baxırdılar…
…Dəhşətdən, vahimədən içində nə isə qırıldı elə bil... sonra deyəsən, nəfəsi idi… ürəyiylə bir qalxıb ağzına doldu… Həkim gözünü ondan çəkib başını yorğun halda aşağı saldı, əllərini xalatının cibinə basıb astadan:
– Bir az da döz… sağalacaqsan, Allahın köməyiylə... – dedi və otaqdan çıxdı.
Dəhlizdən gələn asta xışıltıdan bildi ki, həkim dəhlizdəki iri güzgünün qabağında dayanıb səliqəylə saçlarını darayır... daraya – daraya, oğlunun da dəhlizə çıxıb, xalatının, əl salıb – çıxarmaqdan çirklənmiş cibinə pul basmağını gözləyir. İndi həkim güzgünün qabağında dayanıb beləcə başını daraya – daraya tamam ayrı şeylər haqqında düşünürdü… Əslində lap bayaqdan, onun yataq otağından çıxanda, o, hər şeyi unutmuşdu... Onu da, onun üçün yazdığı bir siyahı dərmanları da, ona dediyi sözləri də… İndi həkim onun dəhlizdəki güzgüsünə baxa-baxa, saçını balaca cib darağıyla daraya-daraya pulunu tezcə götürüb bu ölüm qoxulu mənzildən tezcə sivişmək haqqında fikirləşirdi...
Tibb bacısı da onun nəfəs dərdiyini görüb, şələ-küləsini tələm – tələsik yığışdırmağa başlamışdı… həkimlə birgə çıxıb işinə-gücünə, olsun ki, bazara, sonra evə, xörək bişirməyinə, deyib-gülməyinə gedirdi… O isə bu dördkünc tavanın altında, içində, günbəgün çoxalıb bərkiyən qəmbər daşlarıyla qalırdı... və belə günlərin birində, beləcə zarıya-zarıya, hıqqıldıya-hıqqıldıya nəfəsi axır ki, dayanacaqdı… və o, bir müddət – oğlu yuxuda, ya mətbəxdə olarkən cansız, nəfəssiz bədəni ilə bu səssiz səmirsiz, balaca yataq otağında, neçə aylardan bəri altında əzilməkdən inləyən döşəyində qalacaqdı… o biri otaqdakılar onun ölümündən bir müddət xəbər tutmayacaqdılar... gəlib ölüsünü görəndə isə...
...Boğazını qəhər tutdu... Fikirləşdi ki, balaları onu ölmüş görəndə də, olsun ki, boğazını beləcə qəhər tutacaq, ana - bacılarının yerinə özü özü üçün ağlayacaq... Amma neçə illik həyat proqramı artıq çoxdan hazır idi... Böyük oğlu dissertasiyasını müdafiə eləyən gün hamı onun əlini ikiəlli sıxıb bir ağızdan deyəcəkdilər:
– Belə savadlı, istedadlı alimin yetişməyində siz - ananın rolu böyükdür!
Sonra müdafiənin şərəfinə banket veriləcəkdi… Dörd ildən sonra isə ərinin yubileyi keçiriləcəkdi... Prokuror – qaynata o banketdə, əslində kim olduğunu, öz gədalığını nəhayət ki, başa düşəcəkdi... Bu yubileyi mütləq mərkəzi mətbuat qeyd edəcəkdi. Yubileyin özü isə, olsun ki, «Aktyor evi»ndə, ya da bəlkə «Gənc tamaşaçılar» teatrının binasında keçiriləcəkdi... Onda onu yəqin ki, səhnədə oturdacaqdılar... və o, ömründə birinci və axırıncı dəfə səhnədə oturub tamaşaçı zalına ordan baxacaqdı… Gözləri procektorların gur işığından qıyıla-qıyıla, əri haqqında öz kövrək xatirələrini danışacaqdı... Bəlkə də axırda, onda ki, hamı əl çalıb ona çoxlu gül verəcəkdi, doluxsunub ağlayacaqdı… Ona görə yox ki, ərinin xatirələri ürəyini kövrəldəcəkdi, yox... Ona görə ki, ərinin yolunda, (bu, hardasa həm də ərinin sənət yolu idi) çəkdiyi əzabları, həmin o maddi və mənəvi iztirablar dolu ürəksıxan illəri yadına düşəcəkdi və özünün özünə yazığı gələcəkdi... Ona verilən gülləri də, ərinin xatirəsinə gələn güllər kimi yox, çürütdüyü ömrünə təsəlli kimi qəbul edəcəkdi...
…Altı ildən sonra isə öz yubileyi gəlirdi... Altmış yaşı tamam olacaqdı... Qəribədi, altmış yaş üçün indi o həddindən artıq cavan idi... Yəni altı ilə o cür qocalacaqdı?.. Düz on ildən sonra isə ilk nəvəsi evlənəcəkdi… On bir ildən sonra olsun ki, nəticəsi olacaqdı… Onda o…
…Sağ qabırğasınınaltından sızan göynərti yenə ara-sıra bu biri böyrünə ötürülməyə başladı… Bu da, bədəninin proqramı idi… - fikirləşdi… Demək, indi belə çıxırdı ki, neçə illərdən bəri öz aləmində qurub yaratdığı, heç bir düsturu, çıxarı olmayan bu həyat cədvəli, sən demə, su qabarcığı kimi, sabun köpüyü kimi bircə anın içində, elə öz – özünə, əl dəyilmədən, üfürülmədən belə, partlayıb yoxa çıxa bilən mənasız xəyaldan savayı ayrı bir şey deyilmiş… Sonra da fikirləşdi ki, ümumiyyətlə nəyisə əvvəlcədən fikirləşmək, əvvəlcədən planlaşdırmaq - ona uşaqlıqdan düşmürdü.
Hə, uşaqlıq illəri, əvvəlcədən danışmağın düşüb-düşməməsiylə iş bitmirdi. O vaxtlar ümumiyyətlə, elə bil tək ona yox, anasına da, bacı-qardaşına da, bütün evlərinə də düşməyən şeylər həddindən artıq çox idi... Tək səbir, cüt səbrin özü də, hərdən anasının kürəyinin sol tərəfinin gicişməyi, pəncərələrinə qəfildən cüt sərçənin qonmağı, lapdan gecədən başlayan yağış, badımcanı, sarımsağı duza qoymaq və sair və ilaxır, hələ çox, çox işlər… Hələ yuxular… Yuxuların demək olar ki, heç biri onlara düşmürdü… Yuxuda gülmək ağlamaq demək idi, ağlamaq da ağlamaq demək idi... çılpaq olmaq kasıblıq idi, pal-paltarı olmaq darlıq… Bircə deyilənə görə, yuxuda balıq görmək yaxşı əlamət idi, anasının deməyinə görə «düşərgəliydi», balıq dövlət idi, firavanlıq idi… amma o da heç kimin yuxusuna girmirdi... Bir də axı kim görə bilərdi onu yuxusunda ki, o illər - müharibənin o ac illəri – o vaxt ki, birdən-birə, ərsiz, qardaşsız, qayınsız qalan anası qızıl bilərziyini bir vedrə şora dəyişirdi, o vaxt ki, əti çəkəndən sonra ət maşınını suya salıb qaynadırdılar və o suda, «dadı hələ də damağında qalan» şorba bişirirdilər, o vaxt «balıq» sözü «uçan xəlçə», «ay», «gün» kimi əlçatmaz bir şey idi... O illər gördüyü balıq – bircə, hərdən bir oğrun-oğrun Manya xaladan alıb, xəlvətcə, az qala özündən beş addım o yanda yediyi siyənək balığının şorməzə tikələri idi ki, onlar da gəlib yuxusuna çatmırdı, elə hardasa o yanda – həmin o özündən beş addım gizlində qalırdı… Elə müharibədən sonrakı illərin də qıtlığı, aclığı balığı yuxularına girməyə qoymurdu.
…Fikirləşdi ki, kaş indi o illər olaydı… Qıtlıq olaydı, aclıq olaydı, o da acından ayaq üstə üzüləydi, amma bədəni sağlam olaydı, gözü bir tikə çörəkdə qalaydı… Fikirləşdi ki, onun bu vəziyyəti də elə müharibə kimi şeydi. İndi o müharibə onun içində gedirdi… olan – qalan nəyi vardısa, dağılırdı, sökülürdü… Dağılmayan, sökülməyən, heyini, qüvvəsini bircə qırıq belə olsun itirməyən, əksinə, saatbasaat oyanıb dirilən, getdikcə daha sərrast işləyən bir yeri vardısa, o da beyni idi... İndi, bu vəziyyətdə, hər tərəfi bir ucdan sökülüb, dağılıb əridiyi vaxtında beyni elə bil yenidən cuşa gəlmişdi, bu vaxtacan yadına düşməyənləri, yaddaşında olmayanları belə axtarıb tapırdı, onsuz da zəif ürəyini bir az da zəiflədib heydən salırdı... nəfəsini kəsirdi...
…Bu nə azardı ilahi?… - təntiyə – təntiyə fikirləşdi - İndi neyləsin?.. Özündən, yastığa bitişib qalan bu ağır başının əlindən ha yana qaçsın, necə qaçsın?! Fikirləşdi ki, onu öldürsə - öldürsə, beyni öldürəcək... yüz ilin unudulub getmiş ürəkbulandıran xatirələrini yadına sala-sala, gicgahını lükküldədib ürəyini partlada - partlada axırına çıxacaq...
…Hə, buyur indi... bu kim idi, yaddaşının içiylə yavaş - yavaş, oğrun-oğrun ona sarı gəlirdi?!… Hardansa uzaqdan, deyəsən sağ tərəfdən qulağına onun tanış səsi gəlirdi... Yekə başmaqlarını döşəmə boyu xışıldada-xışıldada, aramla ona sarı yeriyirdi… indi yaxınlaşıb başının üstünü alacaqdı, qucağındakı yuxulu körpəni rahat yedirtməyə imkan verməyəcəkdi… Gecənin bu qaranlığında axı yenə niyə oyanmışdı, niyə onların otağına girməyə gəlirdi?!… O ki, körpəsi yuxudan ayılıb var gücüylə çığıranda, uşağın səsi çıxmasın deyə, onun balaca ağzını iki döşünün arasına basıb az qala boğmuşdu balasını?!.. Qapını itələyib açdı... arxasından əsəbi üzü göründü:
– A yekə gəlin, genə niyə uşağı ağladırsan?
...Döşünü uşağın ağzından çıxara bilmədi... döşünün giləsi, südünü əmdikcə yuxuya getmiş körpənin balaca dişlərinin arasında qalmışdı… Axır vaxtlar oğlu həmişə belə eləyirdi. Odu ki, iki hər döşünün giləsi qanayıb köz bağlamışdı. Hər dəfə döşünü uşağın ağzına salanda, uşaq da ağzını marçıldadıb iştahla südü əmməyə girişəndə, döşünün közü qopurdu... qanı südüqarışıq körpəsinin ağzına dolurdu... (Fikirləşdi ki, anadan olandan qanını içib... hələ də içir, doymur...) …Nə qədər elədi, döşünü uşağın ağzından çıxarsın, çıxara bilmədi. Döşünün yaralı giləsinə keçən balaca, iti dişlərin ağrısından az qalırdı ürəyi gedə...
Qayınatası indi də gəlib başının üstə durmuşdu...
– Nə dayanmısan?.. Di dur ayağa, qoy uşağı beşiyinə yatsın dayna?.. Niyə karıxıb qalmısan?...
Qayınatası uşağa və onun, uşağın ağzındakı çılpaq döşünə elə baxırdı, elə bil uşağın ağzındakı – döş yox, şəffaf süd şüşəsi idi... Sonra nə oldusa, qayınatanın üövsələsi daraldı, onun qımıldanmalığını görüb, iri əlləri ilə uşağı dartıb onun döşündən çıxartdı... uşaq dişlərinin arasında döşünün giləsinin yarısını dartıb apardı...
…Ardı yadına gəlmirdi... ağrıdan ürəyi gedirdi... sonra hardansa lap uzaqdan, qayınatasının, bütün evi lərzəyə salan, təcili yardıma zəng vurub bərkdən-bərkdən ev ünvanını diktə edən səsini eşidirdi... Bir də özünə gələndə, görüb tanıdığı – qayınanasının, qırış və büküşlər içində batmaqdan üzü hansı meyvəninsə qurusunu xatırladan nənəsi oldu... Qarı balaca, yumşaq burnunu onun burnuna dirəyib, göz qapaqlarının dərin qırışları içində itib-batan, qarası bozarıb ağına yayılan muncuq gözləriylə ona baxırdı... arada bir ağzını kənara tutub öskürə - öskürə:
– Başıma xeyir…– deyirdi...
…Fikirləşdi ki, döşünün o qarıı hardan düşdü yadına?.. Gör bir neçə illər idi, yatıb yuxusuna belə girmirdi?.. Sonra da yadına, anasının, ölümqabağı halları – ölmündən bir neçə gün əvvəl, ətrafının ölüb-gedən əzizləri ilə doluduğunu deməsi düşdü... «Başıma hərlənirlər… – anası zəif səsiylə deyirdi – …məni özləri ilə aparmaq istəyirlər...»
Birdən ürəyi elə darıxdı, az qaldı, var gücüylə qışqırıb köməyə çağıra, əl-qol atıb ayağa qalxa… Ağzını açıb havanı içinə çəkdi ki, qışqırsın... səsi çıxmadı... qışqırmağa heyi çatmadı, yavaşca «vay canım» – deyib susdu… və çox keçmədi ki, yenə hardansa lap yaxından hirsli qaynatasının səst gəldi:
– Gəl çim, Ağca!.. - bunun ardınca qayınananın həlim səsi eşidildi...
– Ay arvad, nə otürmüsan?.. Durub çimsənə...
Sonra kimlərinsə, indi dəqiq xatırlaya bilmədiyi tanış səsləri gəldi… «Gəl çim, ay nənə! Tənbəlliyin tutubsa, səni özüm çimdirim ay arvad!..» Sonra elə həmin yaxınlıqdan Ağca qarının qəhər dolu asta səsi eşidilməyə başladı... Ağca qarı özünə ağı deyib ağlayırdı…
– A-ay bayısı, qardaı-ı-ı olmıya…a…n ye…etim Ağca…A-ay kimsəsiz Ağca…
... Boğazını qəhər tutdu... İndi o da Ağca kimi hər şey üçün ağlamaq istəyirdi, amma heyi yox idi. Ağlamağa yüz bəhanə gəzirdi ki, deyib ağlasın. Amma əsl bəhanəni dilinə gətirə birməzdi. Çünki onu deyib ağlasaydı, ürəyi o ağrıya dözə bilməyəcəkdi, elə ordaca partlayıb, qanını onun sinəsinə axıdacaqdı...
...Uşaqları deyəsən yenə mətbəxə yığışmışdılar… orda ondan gizlin, xısın - xısın çörək yeyirdilər, yeyə – yeyə nəyisə götür--qoy eləiyrdilər… və daha o götür – qoy elədikləri haqda ona nə isə demək fikirləri yox idi… Olsun ki, dünəndən, ya bəlkə də lap bu gündən bəri uşaqları ona artıq o biri tərəfin – O dünyanın adamı kimi baxırdılar… gözünü aça bilmədi… gözünün içinə dolan yaşı imkan vermədi. Odu ki, göz qapaqlarını astaca sıxdı və içinin yaşını balışa tökdü... Sonra da ürəyi əsə – əsə fikirləşdi ki, axı niyə ağlayır?.. Ona görə ağlayır ki, daha yemək istəmir, yeyə bilmir, ona görə ki, uşaqları da onun, əvvəlki kimi yemək yeyə bilən adam olduğunu unudublar artıq... Heç olmasa, yalandan da olsa, barı gəlib bir təklif eləyərdilər...
Olsun ki, onda Ağca arvad da çimməyi bəhanə eləyib ağlayırdı… əslində isə, yəqin ölümünün yaxınlaşdığını hiss eləyirdi... Yadına düşdü, necə ölüm Ağca qarını addımbaaddım izləyirdi, arvadı nəfəs almağa qoymurdu… çörək yeyəndə, çaşdırıb ağzındakı tikəni nəfəs yoluna salırdı, göyərdə-göyərdə öskürdürdü qarını... gecələrsə asta-asta qulağına pıçıldayırdı:
– Hələ ölməmisən qarı.. doxsan beş ildi yaşayırsan… Amma daha bəsdi. Camaat yetmişində ölənçün toy-bayram edir…
...Bəzi gecələr, yadına gəlir, Ağca qarının qulağıa pıçıldanan bu qorxulu sözləri o da, öz yataq otağından necəsə eşidirdi… Daha doğrusu, o biri otaqlarda soyuq hava axını kimi gəzən ölümün səsini eşidirdi, amma nə dediyini yadında saxlaya bilmirdi...
...İndi uşaqları da elə bilirdilər o öz dərdini bilmir. Bilmir ki, günləri barmaqla sayılıb, bilmir ki, qarnının içindəki dəmir kürələr heç vaxt yumşalmayacaq, əriməyəcək, geri çəkilməyəcək, əksinə, böyüyüb bir azda bərkiyəcək, çoxala-çoxala sinəsi boyu üzüyaxarı qalxacaq, boğazınacan dirənib nəfəsini kəsəndən sonra qəbrə də onunla bir gedəcək... onunla bir əriyib çürüyəcək.
Üzbəüzdəki şkafın yarımaçıq qapısından görünən pal – paltarına baxdıqca, gözü ağrıyırdı... Bu pal-paltara həvəsla alıb üst – üstə yığmağı, əli-ayağı əsə-əsə bir-bir geyinib güzgünün qabağında dayana – dayana özünə böyürdən, arxadan baxmağı yalına düşdü... Fikirləşdi ki, adamın ki, canı ağrımadı, bilməyəcək dünyada nə var, nə yox…
…Kiçik oğlu qapının arasından boylanıb içəri baxdı və çəkildi… Allah bilə, yoxlayır, görsün ölüb ya yox…
…Bax elə bu oğlu… ind o, anlamır ki, ölən – təkcə o deyil… hamı öləcək… İraq-iraq olsun, o özü də öləcək, arvadı da, bir – birindən xırda uşaqları da öləcək… Oğlu, Allah eləməsin, ağrısın, canı ağrımasa, olduğu kimi anlamayacaq bunu...
Sonra yenə hardansa anasının can verməyi gəlib düşdü yadına... Anası can üstə olanda uşaqları balacaydı, özünün də cəmi iyirmi yeddi yaşı ancaq olardı... Onda anasınan üstünə, eynilə onun həkiminəoxşar - eynilə bu cür dombagöz, eynəkli qadın həkim gəlib anasının nəbzini, qan təzyiqini yoxlayandan sonra:
– Yaxşı yesə, yaşayacaq, amma uzanan yerdə... Ayaqlarından gözünüzü çəkin, iflicin ən ağır növüdü... – dedi.
Həkim bunu deyəndə, yataqda uzanan anası ona elə baxmışdı, elə bil uzandığı yerdəcə dizi üstə düşmüşdü qabağında... Anasının o baxışından, yaxşı yadına gəlir, ürəyinin başı sökülmüşdü... ömrü boyu əziyyətini çəkdiyi, onu dişiylə, dırnağıyla, atasız böyütdüyü övladının - yəni onun, müqəddəs övlad borcunu yerinə yetirməyinin vaxtı gəlib çatmışdı...
…Sonra uzun – uzadı aylarla anasına can-başla qulluq eləməyi - gecələr yuxusuna haram qatıb, uşaqlarını unuda – unuda, o biri otaqda yolunu gözləyə-gözləyə yerinin içində narahat - narahat vurnuxan, arada bir əsəbi-əsəbi öskürən ərinə məhəl qoymadan, anasıyla ikigözlü çarpayıda yatmağı yadına gəldi… Sonra günlərin bir günü, birdən-birə, elə bircə günün içində hər şeydən bezib yorulmağı yadına düşdü… Həmin dövrlər, yadına gəlir, ərinin də onu gözləməyə səbri çatmadı, evə, gecə yarıdan keçəndə, bəzənsə səhərlər qayıtmağa başladı... Uşaqları əriyib çöpə döndülər, xəstələnib öskürüşməyə, qızdırmağa başladılar… O özü isə, əlinə gələni yeməkdən və saatlarla anasının böyrünü kəsdirib oturmaqdan kökəlib, piyləndi…
…O günlər, yadına gəlir, ona elə gəlirdi anası, həkim deyən kimi, hələ çox yaşayacaq... Onun və uşaqlarının canını ala-ala, dünyaya gətirdiyi gündən bütün elədiklərini onun burnundan gətirə-gətirə uzun – uzadı yaşayacaq… ömrünün sonunacan ağır xalta kimi boynundan asılıb qalacaq, bataqlıq kimi əl-ayağına yapışıb, özünə çəkəcək onu, xəstəlik və ağırlıq dolu isti, nəm yatağına salacaq… Əri onu gözləməkdən, öskürməkdən bezib, axır ki, tüpürəcək hər şeyə, qapını çırpıb birdəfəlik çıxıb gedəcək, uşaqları da qocalıb əldən düşəcək, qocalıb eynilə anası kimi yatağa düşəcəklər, anasıyla yanbayan uzanıb, onunla bir zıqqıldayacaqlar, zarıyacaqlar…
Fmkirlçşdi ki, qəribədi… heç vaxt ağlına gəlməzdi ki, elə bir gün gələcək ki, anasından – dünyada hamıdan çox sevdiyi, ən yaxın, ən doğma adamından bezəcək…
…Yadındadı, anası keçinəndən sonra, onun cansız əlini bir müddət qolundan ayıra bilmədi... anası olsun ki, onu da özü ilə aparmaq istəyirdi… ya da bəlkə əksinə, onun qolundan yapışıb bu dünyada qalmaq istəyirdi?!.. Fikirləşdi ki, görən indi anası O dünyada neyləyir?.. Bəlkə sağlam vaxtlarındakı kimi, şəffaf kresloda oturub, şəffaf saplardan asta-asta nə isə toxuya – toxuya onun yolunu gözləyir?.. O da Allah bilə, nə vaxt, hansı gün, hansı dəqiqə, hansı saatda gedəcəkdi yanına… Ya bəlkə tamam ayrı səmtə – ana - bacılarının olmadığı tamam ayrı bir əraziyə düşəcəkdi?.. Sonra fikirləşdi ki, qəribədi, niyə yatağa düşdüyü müddət ərzində Allah barədə düşünməyib?… Ya bəlkə düşünüb, indi yadına gəlmir?!… Dəqiq xatırlaya bilmədi... Əlbəttə düşünüb… yoxsa, bu azarın hardan gəlib onu tapdığı barədə fikirləşib beynini yormazdı, həftələrlə, aylarla, bu günə düşməyinin səbəblərini arayıb - axtarmazdı, nəfəsi təngiyəndə, qulaqları, Ölümün, evin hansı tərəfindənsə aramla ona yaxınlaşan küt addım səslərini eşidəndə, bütün vücudu təlaş və qorxu içində od tutub yananda, gözləri, son ümi yerinə pənah aparan kimi, pəncərənin dar qəfəsindən görünən göyün kiçicik parçasına dikilməzdi...
…O balaca, mavi göy parçasında, heç kəs yox idi… heç kim görünmürdü... həm də həmişə elə bil ordan, o kiçicik göy qırığından kimsə baxırdı ona... kimsə görürüdü onu, bütün hərəkətlərini izləyirdi, içini dağıdıb-sökən bir yığın daşın ağrısını hamıdan yaxşı duyurdu və susurdu… Gözləyirdi… onun axırını gözləyirdi…
…Belə fikirləşəndə elə bil iliyi ağrıdı… İliyi niyə ağrıdı?… Olsun ki, bədən ağrıları da, o biri ağrılar kimi lay-laydı… iliyi olsun ki, bu layların ən sonuncusu, canına ən yaxın olanıdı…
Fikirləşdi ki, olsun ki, bütün ömür boyu, öz-özüylə tək tənha qalanda da, səmanın hansı tərəfindənsə, həmin o göy parçasının bir tikə qırığından ona baxan olub, hərəkətlərini, içindən, beynindən, gözünün işığından keçənləri izləyən olub həmişə… O isə bunu yalnız indi – artıq heç nəyə yaramayan xəstə bədəniylə yatağa düşəndə anlayıb. İndi saçının ucundan dırnağınacan qədər, kim olduğunu, onun özündən çox, həmin o göy qırığından baxan bilir. Odu ki, sakit-sakit, hövsələylə gözləyir... Ölümünün hökmünü də o verəcək... bütün elədiklərini, ürəyindən keçənləri, keçməyənləri haqq-hesaba vurub, gedən gününü təyin edəcək... Olsun ki, o gün artıq çoxdan təyin edilib… lap uşaqlıq illərindən… göyə baxmağa vaxtı, həvəsi olmadığı hadisələr və adamlar dolu uzun – uzadı illərdən…
…Çöldən qarğa qarıltısı eşidildi və o fikirləşdli ki, bəlkə heç ordan – həmin o kiçicik göy qırığından ona baxıb-eləyən yoxdu, bütün bunları o özündən uydurur?! Ağrılarını, fikirlərini güdüb, axırını gözləyən, günlərini sayan-zad da yoxdu, hamısı onun xəstə beyninin bulanıq fərziyyəsidi?!… Bəlkə gözü ona görə tez-tez o balaca göy parçasına zillənir ki, bütün ətrafını – bu eybəcər yataq otağını da, güzgünün başına sancılan və ordan əli çənəsində arsız-arsız üzünə gülümsəyən şəkli də, bir ondan savayı, hər şey haqda fikirləşə-fikirləşə ifadəsiz gözələrini onun üzünə zilləyən uşaqlarını da, dombagöz sahə həkimi də görməkdən bezib daha, bütün bu qorxunc yeknəsəqlikdən ürəyi sıxılır, gözü ağrıyır?!.. Heç kim, heç nə onun gün-gündən damla-damla əriməyini görmürdü, duymurdu... Aşağıda – həyətlərində lavaş satan arvadlar da maraqlanmırdılar ki, hər səhər yuxarı mərtəbədən onları səsləyən, özləri demiş, «göyçək gəlin» daha görünmür... Elə bil lavaş satmaqdan vacib məsələ yoxdu dünyada… O isə… Bu yerə gəlib çatanda, boğazını qəhər tutdu… gözləri doldu, gözünün yaşı axıb qulaqlarına doldu…
…O ki, bu dünyanı, bütün ağaclarıyla, quşlarıyla, dənizi və günəşiylə, bütün səsləri və qoxularıyla bir sevə-sevə yaşamışdı... Dünya isə, sən demə, onu heç sevməmişdi… onun adda, onun boyda, onun rəngdə adamın bütöv bir ömür yaşamağında sən demə, tam xəbərsiz idi… Dünya ona laqeyd idi… Eləydisə, onda niyə yaşamışıdı?!…
…Mədəsi qəfildən elə qıcqırıb turşudu, elə bil içində yemək vardı… sonra həmin qıcqırtı sinəsiylə üzüyuxarı yeriyib boğazına doldu...
…Necə də nifrət eləyirdi indi hər şeyə... Yox, heç nifrət də eləmirdi... İndi o da dünyanın özü kimi laqeyd idi hər şeyə...
…Fikirləşdi ki, indi əri sağ olsaydı, onun bu halını görsəydi, yanında oturub, üzünü əlləriylə tutub uşaq kimi ağlayardı… Bəlkə də ağlamazdı?! Bəlkə heç vecinə də almazdı, əksinə lap sevinərdi. O elə zarıya-zarıya, canı çıxmamış, təzə arvad alıb gətirərdi üstünə, elə yanındaca, bax, bu bir gözündə yatdığı ikiyataqlı çarpayının o birində təzə arvadıyla qol-boyun yatardı, o zarıyanda da, balaca, qumaş qulaqbalışını yuxulu əliylə onun ağzına basardı ki, səsi kəsilsin…
Ərinin nə vaxtsa belə edəcəyini hələ çox-çox əvvəllər, lap cavanlıqdan yəqin eləmişdi. Hardan ağlına gəlmişdli bu müdhiş mənzərə, indi heç cür anlaya bilmirdi… Odu ki, əri öləndə, nə qədər kədərlənmişdisə də, içində bir o qədər də, mənası özünə də aydın olmayan yüngüllük hiss eləmişdi... Hə, doğrudan, o nə yüngüllük idi elə?.. Fikirləşdi ki, olsun ki, bu, ərinin sayı-hesabı bilinməyən uzun–uzadı qastrol səfərlərindən, şübhəli ezamiyyətlərindən, müxtəlif bəhanəli sübh təşriflərindən canını qurtarmağının yüngüllüyü idi?! Ya bəlkə qonum-qonşunun, tanış-bilişin o günlər ona təəssüflə, ürək ağrısı ilə dikilən baxışlarıyla üzülüşməyin yüngüllüyü idi?!.. Yoxsa, bu, əri ola-ola, əslində tənha dul qadın həyatını yaşadığını gizlədib, həyatından razı, xöşbəxt qadın rolundan qurtuluşun yüngüllüyü idi?!..
Qəribədi... - fikirləşdi – zaman necə də hər şeyin yerini, rəngini, iyini dəyişir… Cavanlıqda ona hər şeydən çox əzab verən, iştahını pozan, yuxularına haram qatan qısqanclığı, indi ona, mənasını, məntiqini anlamadığı şit bir hiss kimi görünürdü... İndi də, bu nəm qoxulu yorğan-döşəyin içində, vaxtı ilə ölüm dərəcəsində yaşadığı qısqanclıq iztirablarını, nə qədər elədisə də, yadıfna sala bilmədi... İndi bircə bu quruca sözün özündən ürəyi qalxırdı... «Qısqanclıq...» Amma vaxtı ilə, indi mənasını anlamadığı həmin bu naməlum hisslə ərinə nə işgəncələr vermişdi?!.. Axşamüstülər əri işdən qayıdıb eyvanda oturanda, tələsik özünü ona yetirib, güdükçü kimi yanında dayanmağı, qonşu eyvanlara, üzbəüz binanın pəncərələrinə baxmağı yadına düşdü… Ərini, həmin o eyvandan çıxarmaqdan ötrü, yadına gəlir, uşaqları ona qoşub bulvara, gəzməyə göndərirdi, sonra da üzülə-üzülə fikiri bulvar qalırdı ki, işdi, əri orda çönüb kiminsə ardınca baxmaq istəsə, uşaqları maneə ola bilməyəcək ona...
…Əri onun yaxşı günlərini, həmin o həyatsevər əhval-ruhiyəssini özü ilə aparmışdı, əvəzində ona, qayğıları içində gecə-gündüz əlləşib-vuruşduğu dörd uşaq qoyub getmişdi. Sonra yadına, ərinin sağlığında nədən həzz aldığını salmaq istədisə də, yadına heç nə düşmədi… Nədən həzz alırdı o illər?… Uşaqlarını böyütməkdən, ya ərinin köynəklərini yuyub ütüləməkdən, bəlkə cavanlığından, gözəlliyindən?.. Uşaqlarını ki, min əzab - əziyyətlə doğub böyüdürdü… Kimin üçün doğurdu onları?.. Ərinə ki, uşaq-filan lazım deyildi?!.. Ərinə ümumiyyətlə ev, ailə lazım deyildi... Bəs onda kimin üçün doğmuşdu bu uşaqları? Özü üçün bəlkə?.. Bundan ki, zərrə qədər həzz almamışdı. Axı o əzablardan həzz almaq mümkün də deyildi… Birinin dərsinə bax, o birinə xörək yedizdir, bu birini yatırt... Özü də bütün bunları sol ayağınla elə ki, dəqiqəbədəqiqə üstünə nəhəng əcdaha kimi yeriyən ev işlərini də çatdıra biləsən... Gözlərin bir yerdə, beyninsə tamam ayrı yerdə… Hə, uşaq böyütməkdə iztirabdan savayı ayrı bir şey görməmişdi... Çox adam deyir, «gərək uşağının üstündə əziyyət çəkəsən ki, bəhrəsini də görəsən». Yox canım, düz deyil, kim deyirsə, yalan deyir. O əziyyətləri ki, o çəkib, hansı bəhrəni görüb?!…
…Oğlu otağa daxil olub başmaqlarını sürüyə-sürüyə yuxarı başa keçdi, kresloya əyləş deyəsən ona sarı baxmağa başladı…
…Bax elə bu… Bu, bəhrədi? Gəlib ki, baxsın, görsün, o ölüb, ya yox… Özü də cana yığılıb daha… Haqlı da yığılıb. Bu qədər vaxtı bu boyda əziyyətə qatlaşmağın dadı, kimə də bəlli olmasa, ona ki, məlumdu. İndi neyləyir belə bəhrəni?.. Allah bilir, xirtdəyinə keçən bu çarəsiz azarı da, gecə-gündüz bunların fikrini çəkməkdən, gəlib tapdı onu… Ya o böyüyü?!.. Səhər-axşam qayınanasını nümunə gətirir ona: «Uzağa getmək lazım deyil, götürək elə mənim qayınanamı...» Deyən lazımdı ki, sənin qayınanan qaraçı ailəsi kimi, qarmaqarışıq bir ailədə böyüyüb, dəllək kimi yerin üstünü də bilir, altını da... Niyə axı o dəllək - arvadla ananı müqayisə eləyirsən?.. Ya elə ortancılı oğlu?!.. Düşməni güldürən, dost başını aşağı eləyən səfeh… Bilmir arvad hardadı, uşaq hardadı?!. Gedib girib küçədən keçənin birinin evinə, onun, dədəsi bilinməyən uşalarını böyüdür… İndi gəlni ilə, kədərli bayquşa oxşayan qaradinməz, cavan gəlinlə üz – üzə, göz – gözə qalıb… Hər onu görəndə, gözünü xəcalətdən yerə dikir. Guya hər şeyin günahı ondadı. Uşağının üzündən də... can bala, nənən qurban olsun sənə, yetimçilik tökülür... Hər uşağı görəndə, səsini eşidəndə ürəyi əriyib tökülür…
Yox, ona belə bəhrələr lazım deyil... Bəs onda niyə doğmuşdu onları?.. Özü də birini yox, ikisini yox, dördünü birdən… Elə bil cəmiyyət qarşısında öhdəlik götürmüşdü ki, qanının, canının, əsəblərinin hesabına, heç bir əvəz gözləmədən, dörd insan yetişdirsin. Kim məcbur eləmişdi onu, kim xahiş eləmişdi ondan?!.. Bu vaxtacan, xəstələnib yorğan-döşəyə düşənəcən elə bilirdi, bütün o əzab-əziyyətləri elə-belə deyil, heç nə unudulmur, çəkdiyi o əziyyətləri, əzabları, daxıla yığılan kimi üst – üstə yığılıb, vaxtı çatanda, nəyəsə, heç vaxt dəqiq müəyyənləşdirə bilmədiyi, təsəvvürünə belə gətirmədiyi möhtəşəm bir nəticəyə çevriləcək... Elə bir nəticəyə ki, onu duyduqca, bütün əziyyətlərinin hədər .etmədiyini anlayacaq. Yalnız indi - bədəninin heyi, qüvvəsi yeyilib tükənəndə, canı nazilib, üzülüb onu sapdan asılı vəziyyətə salanda, bütün başa düşürdü ki, bütün o əzabları, iztirabları kor – koranə analıq marğından savayı ayrı bir şey deyilmiş... Bura - son dayanacağı idi… Bu çarpayı, uzun - uzadı illərlə, gah sevinib gülə-gülə, gah yorulub əldən düşə-düşə endiyi, ya bəlkə qalxdığı pillələrin sonuncusu idi... Uşaqları üçünsə həyat indi başlayırdı... İndi o öz xəstəliyi ilə, yorğan-döşəyə pərçim olmuş ağır bədəniylə onların işıqlı yolunda balaca bir maneə idi... İndi uşaqları bu maneənin üstündən tezcə keçib getmək istəyirdilər… Fikirləşldi ki, belə baxanda, əslində onlarda da günah yoxdu. Axı ömür o qədər qısa, vaxt elə yüyrəkdi ki, adamı hər günün, hər saatın qədrini biləməyə məcbur edirdi...
…Oğlu hələ də küncdəki kreslodan dinməz – söyləməz ona baxırdı... İndi baxa-baxa, Allah bilir, nələr fikirləşirdi... O da gözləyirdi... Gözləyirdi, bircə tez ölsün, aparıb necə lazımdı, ədəb-ərkənlə basdırsınlar, ehsan versinlər, sonra… Hərə dağılışsın öz ailəsinin, uşağının yanına… Amma o ölmür… Ölə bilmir… Deyirlər, ölmək üçün can gərək rahat ola... Onun canı isə rahat deyildi. Odu ki, ölə bilmirdi... Əlbəttə, rahat deyildi. Bu qədər dərd-sərlə hansı rahatlıqdan danışmaq olardı? Fikirləşdi ki, gərək yadına yaxşı şeylər salsın, yaxşı günlərini, gözəl saatlarını, salsın ki… Sonra nə qədər çalışıb özünü üzə - üzə yadına, yaxşı günlərini salmaq istədisə də, yadına heç nə düşmədi... Olsun ki, canının ağrısı yaddaşına yaxşı olan nə isənin düşməsinə imkan vermirdi... Ərə gedənəcən bir cür əzab, ərli həyatı bir cür əzab, ərsiz də başqa cür... Ərə qədərki həyatından yadına, evlərinin əbədi ölüm sakitliyi, bir də iri, qədim bufetin üstündəki acıqlı saatın yeknəsəq danqıltısı gəlirdi... Saata baxa-baxa o biri otaqda müharibəyə gedən cavan dayısına yun corab toxuyan anasının səsini eşidirdi… Anası corab toxuya-toxuya, burnunun altında hansısa qədim havanı oxuyurdu... O da bir gözü saatda, bacısının kəsib kənarlarını maşina vurduğu ağ çittdən burun yaylıqlarına nəngbərəng saplarla naxış vururdu, ya nəyinsə düyməsini tikirdi, indi dəqiq xatırlaya bilmədi… Bir o dəqiq yadına gəldi ki, qulağı saatın, hər bir saatdan bir ağır hökmlə çaldığı zəngində, əlləri nə iləsə məşğul ola - ola nəyisə gözləyirdi… Nəyi gözləyirdi?.. Bunu indi heç cür yadına sala bilmədi... Böyüyüb bo y atmağını, gözəgələn, hündürboy qız olmağını, ya ərə getməyini, ya bəlkə evlərinin bu cansıxıcı sakitliyinin bitməyini?.. Ya bəlkə nəyinsə dəyişilməyini?!..
Bikəxanımdan sonra anası da, böyük bacısının əri də, bığıburma əmisi də onunla məxsusi məşğul olmağa başlamışdılar… Onu gözlərindən bircə anlığa belə kənara qoymurdular… Sonar Bikəxanımın çaşqınlıq və həyəcan dolu gənc üzü gözünün qabağına gəldi… Yazıq Bikəxanım… Bikəxanım gözəl üzüylə, süd kimi ağ boyun-boğazıyla, dərisinin rənginə bir az da incəlik verən mirvari sırğalırıyla ona baxıb qəhərləndi elə bil... Bikəxanımın incə, ağ vücudu, əmisinin qarabuğdayı, kobud sifətiylə, qılınc tiyəsi kimi iti, əyri burnuyla, yekə, tüklü əlləriylə bir gəldi gözünün qabağına... Sonra yenə anasını gördü… Anası budu burda - otağın yuxarı başdaydı, sumağı xalçanın üstündə bardaş qurub üzüdivara oturmuşdu... Ayağa qalxıb çəkisiz addımlarla anasının yanına getdi... gəlib onunla üzbəüz - sumağı xəlçənin üstündə oturdu, ağlamaqdan od tutub yanan üzünü əllərinin içinə alıb üzünə baxdısa da, anası onu görmədi, gözünü hansısa naməlum nöqtəyə zilləyib:
– Can bala... – deyə-deyə ağlamağından qalmadı... Onda çönüb, anasının zilləndiyi nöqtəni tapmağa çalışdı... Anası, onun baxdığı yerə - pəncərənin açıq nəfəsliyindən görünən həmin o bir parça mavi göyə baxırdı, göylə danışırdı…
..Bikəxanım da burda idə, bir küncdə oturub, həmin o nəfəslikdən görünən mavi göy parçasına baxa – baxa səssiz –səssiz ağlayırırdı... Bir müddət beləcə, həmin o bir parça mavilik itənəcən, tündləşib qaralıb yarıqaranlıq otağın tavanı kimi cansız və bərk olanacan otururdular... Sonra küçə qapıları döyüldü və dəhlizin köhnə, quru taxtaları ətürpədən cırıltıyla cırıldadı, sonra bu cırıltıya, otağın aramla açılan hündür qapısının cırıltısı da qarışdı… və balaca otaq anasının qulaqgöynədən iniltisiylə doldu...
Gələn - əmisi idi... Gözləri qan çəkmişdi. Ağır addımlarla içəri girib, bir müddət otağın ortasında dayanıb durdu... Anası daha inildəmirdi, hönkürüb ağlayırdı, gözü həmin o cansız nəfəslikdə:
- Bu nə zülümdü, verdin mənə, ay Allah?! – deyib, ağlayırdı...
Əmisi bir müddət gözləri beləcə qan içində otağın ortasında dayanıb durdu, sonra başını heç hara çöndərmədən, heç kimə baxmadan, kiməsə:
– Qalx ayağa!.. – dedi.
Ölüm hökmünü andıran bu sözlərdən sonra anası iki əlini var gücüylə başına çırpdı, sonra kəlağayısını çənəsinəcən endirib səssiz-səssəiz üzünü cırdı…
…Bikəxanım ağaya qalxanda, qorxudan, ya zəiflikdən, ləngər vurdu, iri, ala gözlərinin yaşını silib məsum, solğun üzüylə ona baxdı… sonra sağollaşmadan, bircə söz belə demədən, əmisinin ardınca otaqdan çıxdı... Ardınca baxıb gördü, Bikə xanım ayağıyalındı… Bikəxanımın ardınca ağladısa da, gözünün yaşı axıb ağız-burnuna doldusa da Bikəxanım geri qayıtmadı... Gözünün yaşı buz kimi soyuq, bulaq suyu kimi şipşirin idi...
...Kiçik oğlu idi... üzünə lap yaxından baxırdı, barmaqlarının arasındakı yaş pambığı sıxıb ağzına su sızdırırdı...
…Yadına düşdü... Bikəxanımın əvəzinə, o gecə əmisi qayıtdı... özüylə gətirib gəldiyi bükülü xalçanın qanını, gecəylə həyətdəcə, Bikəxanımın səhər-axşam qab-qaşıq yaxaladığı hovuzda yudu. Yadına gəlir, onda şüşəbəndin həyətə baxan balaca pəncərəsinin pərdəsini aralayıb, qorxudan dizləri əsə-əsə aşağı – xalçanın qanını yuyan əmisinin, suyun altında sığalladığı xalçaya baxa – baxa, bir gün əmisinin, axşamların birində, onu da beləcə evdən çıxarıb həmin bu xəlçəyə bükəcəyini, harasa uzaqlara aparıb orda tikə-tikə doğrayacağını, sonra xalçanı gətirib eyniylə bu cür, həyətın ortasındakı bu soyüq hovuzda beləcə dinməz-söyləməz yuyacağını gözünün qabağına gətirmişdi.
…Sonra qəfildən ağlına gəldi ki, necə olub ki, həmin o cəllad əmisinin hansı işin sahibi olduğu barədə, harda, necə yaşadığı barədə fikirləşməyib?.. Axı o gecə, havadan qan iyi gələn həmin o müdhiş gecə, xalçayla bir, əllərinin qanını, hər səhər əl – üzünü yüyan təki, yuyan əmisinin züm-zümə eləməsini öz qulaqlarıyla eşitmişdi?!.. Özü də yadına gəlir, əmisi oxuduqca onu ağlamaq tutmuşdu... Fikirləşdi ki, görən əmisi o gecə niyə oxuyurdu, nəyə oxuyurdu?.. Cavan, məsum bir qızın ölümünə, yoxsa dünyanın insafsızlığına?!.. Ya bəlkə öz acı taleyinə oxuyurdu?!.. Axı anasının dediyinə görə, əmisinin «adam doğramaq» peşəsi küçə boyu ona-buna toyuq başı kəsməkdən başlamışdı?!.. Anası deyirdi ki, təzə gəlin gələndə əmisi yuxaqılbli, həlim təbiətli kürən bir uşaq idi?!.. O həlimliyinə, yuxa ürəyinə görə məhəllədə onu «yuxa Hüseyn» çağırırdılar. Anası danışırdı ki, Hüseynin atası qəssab Səməd oğlunun bu ləqəbinin pərtliyindən, oğluna toyuq başı kəsməyi öyrətmişdi. Anası deyirdi ki, bıçağı birinci toyuğun boğazına yeridəndə, Hüseynin ürəyi getmişdi, boğazı yarımçıq kəsilən toyuq qanadlarını daraqlayıb, qanı dörd bir yana fışqıra-fışqıra, həyəti dövrə vurmuşdu, yeri-göyü qana bulamışdı... Həmin o hadisədən sonra, anası danışırdı ki, uzun müddət həyətlərindən toyuğun qanının iyi getməmişdi… Sonralar isə bu qanın ardınca çox qanlar axmışdı, çox baltalar yuyulmuşdu… Toyuq başı kəsməyə alışandan sonra, Hüseynə daha «yuxa Hüseyn» demirdilər. Hüseyn özü də yuxa deyildi, daha durduğu yerdə qızarmırdı, heç kimdən utanmırdı, yerli-yersiz gözləri dolmurdu, məhəllənin kəsiləsi bütün qoyunlarının başını Hüseyn üzürdü…
Anasının dediyinə görə, qoyun başı üzmək Hüseyni lap qaradinməz eləmişdi. Sonra günlərin bir günü Hüseyn məhəllə davasında kimisə öldürdü... və o gündən də adı dəyişib «qan Hüseyn» oldu… «Uşağı qana həris elədilər...» - Hüseyndən söz düşəndə, anası içini çəkə – çəkə deyirdi… Bikəxanımı öldürəndən sonra, Hüseyn çox yaşamadı… meyiti şəhərkənarı xarabalıqların birində tapıldı… Bilinmədi, öz əcəli ilə öldü, yoxsa öldürüldü… «Meyiti eləydi, elə bil öz ayağıyla dərənin dibinə girib, orda əl-ayağını uzadıb, gözünü yumub ölmüşdü…» - anası deyirdi…
…Qulağına hardansa o gecə əmisinin dodaqaltı zümzümə elədiyi həmin o hava gəldi… O havaydı, ya o deyildi?!… Yox, elə həmin havaydı... özü də lap yaxından gəlirdi... Kim oxuyurdu görən bu havanı, onsuz da əriyib əzilən ürəyinə kim dağ çəkirdi?!.. Gözlərini açdı… Otaqda heç kəs yox idi… Oğlu hələ də mətbəxdə çörək yeyirdi, nədi?!..
…Zümzümə hardansa o biri otaqlardan gəlirdi... Olsun ki, oğlu idi, burnunun altında oxuya-oxuya çörək yeyirdi… Oğlunun zümzüməsi eşidildikcə, otağın divarlarının çəhrayılığı itirdi… saya rəngi ala-bula olurdu, naxışlanırdı... Sonra baxıb gördü, divarların dördü də, tavan da sumağı - göy naxışlar atdı… həmin dəqiqə tanıdı bu qorxunc naxışları… üstündə Bikəxanım doğranan xalçanın naxışları idi… İndi bu xalça bir deyildi, iki deyildi… düz dörd dənəydi… Döşəmədən tavanacan divarların dördünü də tutmuşdu, onu dövrəyə almışdı… Onun da bu naxışların içində doğranmağının vaxtı gəlib çatmışdı…
Ürəyi sıxıldı... səsi çıxmadı deyə, səssi-səssiz ağladı… Sonra baxıb gördü ki, yox… xalça elə bircə dənədi... o da başının üstündəki divardan asılıb... Bu xalçadan hələ çox-çox sonralar da, qan iyi gələcəkdi... Bikəxanımın qanının iyi... O iy heç cür köhnəlmirdi, dəyişmirdi, Bikəxanımın özü kimi cavan, təravətli qalırdı... O iyi qonşular da, evə gəlib-gedən tanış-biliş də hiss eləyirdi. Gələn-gələn havanı iyləyib:
- Qan iyi gəlir... – deyirdi. Bircə anası bu iyi hiss eləmirdi... Bəlkə də hiss eləyirdi?!.. Bəlkə də gecələr, hamı yatandan sonra mətbəxə keçib qapını örtürdü, gücü gəldikcə ögüyürdü, ögüyürdü… nəfəsinə dolan o iyi qusub bədənindən çıxarmaq istəyirdi… Anasının ögüməyini bir dəfə yuxuda da görmüşdü… yoxsa bu, yuxu deyildi?.. Bir gecə səsə ayılıb, balaca ayaqlarının ucunda mətbəxə sarı getmişdi, aralı qalan qapıdan baxıb, anasının, gücü gəldikcə ögüməyini görmüşdü… Axır yuxuydu, ya həqiqət idi, dəqiq bilmirdi, amma anasının, arıqlayıb əti sallanan qollarıyla əl-üzyuyanın kənarına dirsəklənib, başını əl - üzyuyanın içnə soxmağı dəqiq yadına gəlirdi... Yadına gəlir, necə anası əlüzyuyanın kənarına dlirsəklənib, başıaşağı dayana - dayana elə bil nəisə yadına salmağa çalışırdı ki, ögüyüb qussun onu yaddaşından... O günlər, yadına gəlir, anası daha nəfəsliyə baxmırdı... bardaş qurub dinməz – söyləməz, saatlarla qan iyi verən xalçanın ilmələrinə, naxışlarına baxırdı, elə bil həmin o naxışlarda Bikəxanımın üzünün, saçının rəngini axtarırdı..
…İndi həmin o xalça başının üstündən asılmışdı və uzun illər idi bu xalçanın altındakı çarpayıda yata-yata, yayda o biri xalçalarla bir çırpıb günə verə-verə, Bikəxanımı yadına salmamışdı… Bikəxanım, oturub-oturub indi düşmüşdü yadına... İndi...
…O gecə isə, Bikəxanım yaxın rəfiqəsinin toyuna getmişdi və elə ordan, toyun ortasından da itmişdi və evə, bir də səhərə yaxın, pal - paltarı toz-torpaq içində, hörükləri dağınıq halda gəlib çıxmışdı... Həmin o gecədən ölənəcən, yəni düz üç gün o xınayı paltar Bikəxanımın günahının dəlili kimi əynində qalmışdı...
...Otağın hansısa küncündən anasının səsi gəldi…
– O murdar paltarını çıxarıb evi murdarlama… qoy elə murdar bədənində qalsın…
Sonra Bikəxanım ağappaq üzüylə gəlib hardasa lap yaxında dayandı, boynunu büküb məzlum-məzlum:
– Olur ki, adam getdiyi yerdə başına daş düşür... Mənim də başıma daş düşdü, bacım... – dedi…
…Qapı döyüldü… yox, qapı deyildi… ürəyi idi, döyünə-döyünə axıb dayandı… otaq bir anın içində qaraldı... elə bil bədəni də soyudu… yoxsa bədənini öuz kimi soyuq, yaş mələfəyə bükdülər?.. Hə, onu bükürdülər… mələfəyə yox, ağappaq, nazik kəfənə bükürdülər… ömrü boyu parça mağazalarında əl vurub nazikliyini yoxladığı, qorxa-qorxa toxunub üşüdüyü, metrəsi bir manat bir abbaslıq ağappaq, qupquru, kəfənə… Görünür ölmüşdü…
...Qaranlığın içindən elə bil yenə kimsə ona baxırdı… Yenə bu kim idi?.. Yenə kim düşürdü yadına, kim gəlirdi gözünün qabağına? Gəlirdi, ürəyini bulandırsın, canını alsın…
– İç…
…Oğlu idi, dibində azca su olan stəkanı onun dodaqlarına dirəyib üzünə baxırdı... Oğlu bir müddət beləcə, əli uzana vəziyyətdə dayanıb durdu, sonra çəkilib deyəsən yenə mətbəxə getdi... Yəqin başa düşdü ki, daha su içməyə də taqəti yoxdu. Ya bəlkə özü nə isə dedi oğluna?.. Dedi, yoxsa, bunu ürəyində fikirləşdi?.. Sonra yenə ürəyi sıxıla – sıxıla fikirləşdi ki, axı niyə ötüb keçən həyatından yadına, bircə dənə belə olsun, yaxşı bir şey – ürək açaçn bir hadisə, ya xoş bir an düşmür? Bəs cavanlığı, tələbəlik illəri, nişanlı vaxtları… Həm də elə bil heç nə olmayıb. Heç nə… Elə beləcə, bu yaşda, bu bədənlə, bu xəstəliklə, bu yorğan-döşəklə doğulub... burada da öləcək... O ötüb keçənlər isə… keçənlər artıq yoxdu... – fikirləşdi… Uşaqlığı da yoxa çıxıb, gəncliyi də… Uşaqlığı da ölüb, gəncliyi də… Qalanı elə budu. Bu günü də itəcək, yerli - dibli yoxa çıxacaq... Hanı dünənki Zərifə?… Hanı bir il əvvəlki, bədəni sağlam, ayağını yerə vuranda, döşəmə titrəyən Zərifə? Hanı iyirmi il bundan əvvəlki məclislər yaraşığı, gözəl - göyçək Zərifə? Əlli il bundan əvvəlki incəbel, yeniyetmə Zərifə hardadı?.. Məktəbli Zərifə, körpə Zərifə?…
Sonra nə oldusa, bir də baxıb gördü, o zərifələrin hamısı – yaşlısı da, məktəblisi də, cavanı da, körpəsi də gəlib başına yığışıblar, onu dövrəyə alıb səssiz-səmirsiz üzünə baxırlar...
…Gözləri doldu, qəhər boğazını tutdu... istədi ayağa qalxıb bir-bir qucaqlaya bu zərifələri... Yaşlısını da, cavanını da... körpəsini qucağına alıb o üz-bu üzündən öpə… Elə bil ayağa qalxdı da… canını dişiylə tutub, çarpayının taxtalarını cırıldada-cırıldada birtəhər ayağa qalxıb cavan Zərifəylə üzbəüz dayandı... heysiz qollarını onun boynuna doladı, nazik qızı bağrına basdı…
Cavan Zərifə ölü ağac kimi qupquru idi, mərmər kimi sopsoyuq idi… Sonra baxıb gördü, sən demə, bağrına basıb qucaqladığı Zərifə yox, Zərifənin özü boyda, ağappaq şümal başdaşısıdı… Başının tükü qabara-qabara geriyə sıçradısa da, o biri zərifələrin əvəzinə, ətrafını irili-xırdalı, ağ-qara başdaşılarıyla bürüyən qəbiristanlıqdan qurtula bilmədi... Qəbirlərin üstü onun adları və təvəllüdləri ilə dolu idi… «Ağayeva Zərifə Səməd qızı-1920-1926», «Ağayeva Zərifə Səməd qızı 1920-1930», «1920-1940», «1920-1952»… Hərflər, rəqəmlər bir-birinə qarışdı, fırlanıb başını hərləndirdi… bilmədi hansı qəbrin yanında ayaq saxlayıb dursun, hansının qabağında diz çöküb ağlasın?!..
…Sonra hardansa otağa, iliyəişləyən soyuq külək doldu... qəbirlərin arasıyla əsib qorxunc-qorxunc uğuldadı… onu yerə yıxıb qəbirdərin arasında uzatdı və o, öz qəbirlərin arasında, küləyin altında tək-tənha uzadıb qaldı…
Üşüdü… sağ qolunu bir təhər hərəkətə gətirib yorğanı xirtdəyinəcən çəkdi. Otağın işığı sönmüşdü… Yəqin oğlu keçirmişdi ki, o rahat yatsın… Neynək?.. Tək bir onun gəncliyi ölüb keçmir ki?.. Bu yaşında xəstələnib yatağa düşən, dəqiqəbədəqiqə damla-damla əriyib bulanıq, qaynar su kimi o dünyaya süzülən tək bir o deyil ki?!.. Kimi dənizdə boğulur, kimi zəhərlənir… Allaha min şükür ki, o, öz evində, öz yorğan-döşəyində, uşaqlarının yanında ölür... Sonra qohum-əqrəbanı, tanış-bilişi, qonum-qonşunu ələk-vələk eləyib öz yaşıdlarından xəstələnənini, ölənini yadına salmaq istədisə də, yadına heç kim düşmədi... Allaha min şükür, ölən, ya xəstələnən yox idi... Orta məktəbdən bir partada oturduğu rəfiqəsi Sara da sağ salamat idi… Sara qıpqırmızı yanaqlarıyla gəlib durdu gözünün qabağında. Sonra yadına, Saranın cavanlığı düşdü... Onda Sara çəlimsiz, uzunburun bir qız idi. Yadına, Saranın, dayandığı yerdə divanın bir küncünə qısılıb xısın-xısın ağlamağı, ağlaya-ağlaya müharibəni lənətləməyi, Hitlerə qarğış tökməyi düşdü… Sara sonralar da, onlar məktəbi bitirib eyni universitetin eyni fakültəsinə daxil olanda da, bütün tələbəlik illəri beləcə qəfildən nəyisə bəhanə eləyib durduğu yerdə ağlayırdı… O isə çox-çox sonralar başa düşmüş dü ki, Saranı ağladan - nə müharibə, nə də Nitlerdi. Saranın öz kifir ayaqlarına, bir-birinə yaxın oturan düymə kimi xırda gözlərinə, gülməli dərəcədə nazik, uzun burnuna ağlamasını o, artqıq ərə gedəndən sonra anlamışdı... O vaxtlar Sara lap çox ağlayırdı... O, hər təzə paltar geyinəndə, nişanlısından hər təzə sevgi məktubu alanda, nişanlananda, gəlin köçəndə, hər oğlu olanda… Ağlamaq üçün bəhanələr müxtəlif olurdu… Bu, ya «sevinc yaşları», ya nədənsə təsirlənib ağlamaq, yaxud evdəki xəstə anasının halına acımaq və sairə və ilaxır oluodu… Fikirləşdi ki, Sara ağlaya-ağlaya onu doğrudan-doğruya ağlamalı hala saldı axır... Əri cavan yaşlarında dünyadan köçdü, onu dörd uşaqla tək qoyub getdi… uşaqlarla çəkdiyi zillət dolu uzun, əzablı illərdən qocaldı, canı xəstəlik tapdı… indi də budu, beləcə göz görə-görə əriyir… O, xəstələnəndən bəri Sara elə bil cavanlaşmışdı, çiçəyi çırtlamışdı. İndi Allah bilir, fikirləşirdi ki, Allah hərəyə bir şey verir. Birinə hər şey verir, ömür vermir, o birinə heç nə vermir, əvəzində, uzun ömür verir... Nolar, yaşa Sara… məndən əlli il də çox yaşa…Əvvəl-axır sənin də bu günün gələcək… amma bax, beləcə - ayaq tərəfində oturub baxanın, dəqiqələrini sayanın olmayacaq… – fikirləşdi. Belə fikirləşdikcə, elə bil rahatlandı… Fikirləşdi ki, ömrü boyu Saranı bədbəxt hesab eləyib. Sara, da axı doğrudan bədbəxt idi?!.. Həkimlər ona demişdilər axı, uşağı olmayacaq… Odu ki, ömrü boyu ona da, uşaqlarına da həsrətlə baxıb içini çəkirdi. Allah yazıq Saraya gözəllik də verməmişdi. Saranın burun əhvalatı uzun məsələydi. Rəhmətlik əri həmişə deyərdi ki, «Saranın burnunu dünyanın səkkizinci möcüzəsi hesab eləmək olar.» Saranın, iti, uzun ət bıçağını andıran sivri burnu gözünün qabağına gəldi… gülməyə heyi çatmadı...
Ömrü boyu Saraya yazığı gəlmişdi, ərə gedib uşaq doğmağına görə, özünün onun qarşısında günahkar bilmişdi… Tək bir uşaq doğmağına görə yox, ümumiyyətlə hər bir şeyinə görə vicdan əzabı çəkmişdi… Özünə təzə paltar alanda da, əri ilə konsertə, ya teatra gedəndə də, mürəbbəsi, ya paxlavası yaxşı alınanda da niyəsə Saradan utanmışdı... Gözəl üzünə görə də, səliqəli burnuna və biçimli ayaqlarına görə də, az qala, dünyaya gəlməyinə görə də Saradan utanmışdı. Fikirləşdi ki, olsun ki, ona görə ki, onun varlığı bir növ Saranın bədbəxtliyinin əyani sübutuna çevrilmişdi… Həmişə də yadına gəlir, ürəyi sıxıla - sıxıla, niyəsə bir gün Saranı, anasından sonra tək-tənha yaşadığı yarıqaranlıq, havasız mənzilində - özünü çilçıraqdan, ya hardansa asıb öldürən yerdə, ya da ölümündən bir neçə gün, ya həftə sonra - əti çürüyüb qaralmış halda tapacaqlarını gözünün qabağına gətirir və rəfiqəsinə ürəyi ağrayırdı... O vaxt yatsaydı belə yuxusuna da girməzdi ki, belə bir gün gələcək ki, həmin bu yazığı gəldiyi Sara onu hamıyla birgə basdırmağa yollanacaq... tabutun arxasınca gedə-gedə hönkürüb ağlayacaq... necə ki, ömrü boyu ağlamışdı və ağlaya-ağlaya da onu ağlamalı günlərə salmışdı...
Fikirləşdi ki, «bədbəxtlik», «xoşbəxtlik» olsun ki, nisbi bir şeydi. Xoşbəxt adam bircə saniyənin içində başa düşə bilər ki, sən demə bədbəxtin biriymiş, ömrü boyu da elə-eləcə bədbəxt ola-ola, elə bilib xoşbəxtdi və ya əksinə… Bədbəxtin biri isə, günlərin bir günü nəfəsini dərib, geriyə çönüb baxar ki, sən demə, çətinliklər və iztirablar dolu bütün o məşəqqətlərin içində xoşbəxt imiş…
…Oğlu nə vaxtsa gəlib yerində əyləşmşdi, deyəsən artıq çoxdannan bəri də yuxuya getmişdi. Elə də xoruldayırdı, elə bil min il yuxu üzünə həsrət qalmışdı. Başını qaldırıb oğluna sarı baxmaq istədisə də, tərpədə bilmədi. Başının içi zindan kimi ağır idi… Oğluna tərəf baxa bilməsə də, indi onun, həmişə elədiyi kimi, ayaqlarını qarnına yığıb, başını dizlərinin üstünə qoyub pişik kimi yatmağını gördü... Oğlunun, bu neçə ayın gecələri onunla çəkdiyi zülmlərdən – onun ağrılarından və göz yaşlarından, qışqırtılarından qaçan yuxusu olsun ki, indi bataqlıq kimi onu özünə çəkirdi, kresloya əyləşməyi ilə, çiyinlərindən basıb göz qapaqlarından sallanmağı bir olurdu.
Fikirləşdi ki, qəribədi ki, bu axır neçə günü daha heç harası ağrımır... Elə bil bədəni də ağrımaqdan bezib.
Güzgünün başına sancılan şəkli də elə bil daha ona baxıb gülümsəmirdi. Bu şəkli bir il əvvəl oğlugildə çəkdirmişdi. Çiynində güllü şalı daim üzünə gülə-gülə ona elə baxırdı, elə bil bu dəqiqə göz vurub deyəcəkdi: «Necəsən? Elə bildim cücüsən?». İndi olsun ki, o öləndən sonra bu şəklini böyüdəcəklər, qara haşiyəyə salıb divardan asacaqlar. Ya də bəlkə heç böyütdürməyəcəkdilər, bəlkə köhnə albomlardan birinə basacaqdılar?! Gəlinlərinin ümidinə qalsa, cırıb zibil vedrəsinə tökəcəkdilər. O, öləndən sonra şəkli, yaxud ona aid olan yaxın adamlarının - rəfiqələrinin, iş yoldaşlarının, tanış-bilişin şəkilləri kimə lazım idi?! Sonra hardansa yadına, anasının vəfatından sonra evlərini yır-yığış eləməyi düşdü. Onda nə qədər şəkil cırdı, onu bir Allah bilir. İki vedrə… bəlkə daha çox… O köhnə, üz qabığının rəngi getmiş albomda daha kimlərin daha şəkli yox idi?! Anasının ana-atasının, onlarla bir əsr bundan əvvəl yaşamış uzaq - yaxın qohumlarının, dost-tanışlarının, dəfələrlə dəyişdikləri idarələrdə birgə işlədikləri iş yoldaşlarının, kurortlarda tanış olduqları adamların, daha nə bilim kimlərin, kimlərin yarıcırıq, sarımtıl şəkilləri… Bir yığın ölü şəkli… Əlli adamın bir kadrda şəkli, əlli dənə mərci boyda baş, bir-birinə oxşayan əlli üz, nöqtə gözlər, tum əllər... Gəl indi bu mərcilərin içində tanı görüm, kimi tanıyırsan… Bütün şəkillər də ötən əsrin axırlarının, yaxud bu əsrin əvvəlirinin – iyirminci - otuzuncu illərin geyimləri və tarixləriylə...
Onda, yadına gəlir, onları cırdıqca əti ürpənirdi... Şəkillər tikə – parça olduqca, kiminsə birtaylı gözü xırda, sarımtıl parçadan yazıq –yazıq onun üzünə zillənirdi... Onda ona elə gəlirdi ki, bu adamları - ona heç bir pisliyi dəyməyən, sarımtıl həyatları onsuz da kədər və nisgil içində keçən bu bir yığın günahsız adamı, bir ordu insanı məhv eləyir, yer üzündən silir… İndi onun bu gülümsər üzlü şəklini də bir gün beləcə, ya gəlinləri, ya da nəvələri lazımsız kağız-kuğuz kimi cırıb, əzib zibil vedrəsinə tökəcəklər… Onda, yadına gəlir, şəkil qırıqlırından ona baxan o birtaylı gözləri, mərci başları uzun müddət evindən təmizləyib qurtara bilmirdi… Paltar yuyanda da, kiminsə gözü, ya əli sabunlu pal-paltarın arasından çıxırdı... Ya kiminsə, sudan islanıb əyilən ayaqları paltar zivəsinə, yaxud soyuducunun qapısına yapışıb qalırdı… Heç bir sabun, heç bir pasta bu ölülərlə bacara bilmirdi. Daha doğrusu, bu, olsun ki, şəkillərin ölüsü idi… - fikirləri dumanlana – dumanlana fikirləşdi. Onda, yadına gəlir, bu şəkil yığnağını qucağına alıb zibil vedrəsinə basırdı, vedrəni aparıb həyətin zibil qutularına boşaldırdı, boşaltdıqca da, vedrənin dibinə, zibil qutularının divarlarına yapışıb sulu çirkin içindən ona nifrətlə baxan bu yad insanlardan elə vahimələnirdi, elə bil onları o öldürmüşdü…
…Oğlu deyəsən qapının zənginə ayılmışdı... dəhlizə çıxıb qapını açmağa gedirdi. Çox çəkmədi ki, dəhlizdən qızının qırıq səsləri eşidildi. Qızı deyəsən ağlayırdı... ağlaya-ağlaya nə isə deyirdi… elə bil onun adını çəkirdi…
Ürəyi zəif-zəif çırpındı... Fikirləşirdi ki, ana üçün qızın yerini heç kəs verməz. Qız uşağı təəssübkeş olur. İndi də orda - dəhlizdə onun bu halına gör bir necə ağlayır?! Can bala…
…Qızı içəri girəndə, fikirlələri dağılıb yoxa çıxdı, ürəyi zəif-zəif çırpındı... Qızı ağlamırdı… uşaqlıqda ağlayanda olduğu kimi, nə burnu qızarmışdı, nə də qaşları ortadan yuxarı dartılmışdı... Qızının üzü yorğun idi, qapının ağzında dayanıb həyatdan bezmiş bir üzlə ona elə baxırdı, elə bil onu yoran o idi... Özü də elə bil yenə boylu idi. İlahi?! Yəni, doğrudan qızı yenə boyluydu?.. Ya ona elə gəlirdi, bu zəhrimar xəstəliyin təsirindən gözü elə görürdü?.. Qızının azca üfürlənən qarnı olsun ki, kökəlməyinin əlamətği idi?.. Qızı bir müddət də qapıda beləcə dayandı, əonra həmin o yorğun üzüylə yaxına gəldi, əyilib isti dodaqlarıyla onun alnından öpdü… sonra elə böyründəcə, yatağının kənarında əyləşib sakit-sakit deyəsən döşəməyə baxdı, ondan nə isə soruşdu... ya ona elə gəldi?.. Yox, qızı doğrudan hamiləydi... Bunu, onun sədəfə çalan avazımış rəngindən bilmək olurdu.
…Ürəyi sıxıldı… Yatağa düşdüyü doqquzuncu ay idi... Deməli, xəstəliyinin ən pis dövründə, ağrılar belini doğrayıb nəfəsini kəsəndə, boğazından keçməyəndə… Sonra tez də fikirləşdi ki, Allahın işidi, ölənlə heç kim ölmür... O, öləndən sonra qızı ağrıdan qovrula – qovrula, çığıra-çığıra doğacaqdı, başı körpəsinə qarışacaqdı… ona ağlamaq əvəzinə, «cupbulu-cupu» deyə-deyə körpəsini atıb-tutacaqdı…
– Niyə gəldin?… Südəmər körpən var… dur get… get…– dedi və danışdığına özü də təəccübləndi...
Qızı dinmədi, əllərini balaca qarnının üstə çarpazlyıb guya qarnını gizlətdi.
…Sonra bilmədi, pəncərənin şüşələrini cingildədə-cingildədə vıyıldayan küləyin səsindən üşüdü, yoxsa qızının görünüşündən pis oldu, canında, ölüm qorxusunu andıran anlaşılmaz bir vahimə dolandı… Fikirləşdi ki, dünyanın o qədər qəddar üzlərini görmüşdü ki, onlardan sonra ölümdən qorxmağın yeri yox idi. Olsun ki, əslində ölüm – insanın ən rahat və müqəddəs bir halı idi... Sonra da fikirləşdi ki, yaxşıdı ki, elə dünyanın o pis üzlərini görmüşdü. Yoxsa indi bağrı, xəstəlikdən yox, dözümsüzlükdən çatlayıb onu öldürmüşdü. Anası həmişə deyərdi ki, «heyif döyül ürək xəstəliyi, oturduğu yerdəcə aparır adamı». Sonra deyirdi ki, «Ürək xəstələri cənnət quşlarıdı. Nə özləri əzab çəkirlər, nə o birilərə əziyyət verirlər. Üzüsulu, hörmət - izzətlə köçüb gedirlər bu dünyadan…» Amma anası, arzuladığı kimi, «oturduğu yerdəcə» ölmədi... uzun müddət yataq xəstəsi oldu, döşək çürüdə-çürüdə, hamının canını üzə-üzə getdi... İndi də o, döşək çürüdürdü... Altındakı döşəkdən gələn çürüntü iyini bəzən dərisiylə hiss edirdi. O iyi indi də hiss eləyirdi… elə bil döşəyin üstə yox, döşəyin özü boyda bataqlığın üstə uzanmışdı... kürəyi, yancaqlarıqarışıq çürüyə-çürüyə altındakı bataqlığa qarışırdı, parça-parça, tikə - tikə qopub əriyə-əriyə o bataqlığın dibinə çökürdü... Amma ürəyi dayanmırdı ki, dayanmırdı. Ürəyi elə bil pəhləvan ürəyiydi. Bu dəqiqə durub özünü pəncərədən atsaydı, səkkizinci mərtəbədən yerə düşüb baş-gözünü, içalatını partlatsaydı belə, üstündən qatar keçsəydi də, ürəyi yenə inadla döyünəcəkdi, bədənindən sıçrayıb kənara düşəcəydi də, döyünə-döyünə, sərçə kimi o baş-bu başa atılacaqdı, sonra qanad çalıb sərçə kimi harasa uzaqlara uçacaqdı... Sonra sərçəylə bir yadına, müharibə vaxtı sərçələrin dünyanı başına götürməyi düşdü... Hara baxırdı, sərçə görürdü... Gecələr pəncərələrin qabağı sərçəylə dolurdu… Sərçələr dimdikləşirdilər, pəncərənin şüşələrini balaca dimdikləri ilə taqqıldadıb evin içinə doluşmaq istəyirdilər... Yadına gəlir, uşaq vaxtı bu tıqqıltıya qulaq asa-asa yuxuya gedirdi. Hərdən yuxuda, həmin o sərçələrin, pəncərənin bir küncündən dəlik açıb bir-bir içəri doluşduğunu, evlərinin sərçələrlə dolduğunu, sərçələrin qazanların, kasaların içinə, yorğan üzlərinin, şkafların arasına girdiyini görürdü... Yuxuda ha çalışırdısa da ki, sərçələri tutub torbaya, ya zənbilə yığa, tuta bilmirdi... Özü də yuxuda dəqiq bilirdi, sərçələr əslində kimin üçün doluşmuşdular evlərinə… bilirdi ki, yerdə - güllü yorğan-döşəyin içində yatan qardaşına görə gəlmişldilər… odu ki, zəhlətökən civiltiləriylə qardaşının başına fırlanırdılar, onu hey dimdikləyirdilər, gözlərini yeyib qurtarırdılar... Qardaşı isə qımıldanmırdı, eləcə uzandığı yerdəcə gözləyirdi ki, sərçələr onu axıracan yeyib qurtarsınlar...
Sonra yuxusu çin çıxmışdı… O illərin sərçələri qardaşını, həmin o şüşəni taqqıldatdıqları gecələrin birindən götürüb aparmışdılar... Bir müddətdən sonra isə, belə gecələrin birində, yadına gəlir, qapıları elə döyülmüşdü, elə bil müharibənin özü gəlib durmuşdu qapılarının ağzında… Qapını açanda isə, kandarda - bir neneçə ay əvvəl müharibəyə yola salıb, gecə-gündüz ürəkləri döyünə-döyünə məktubunu gözlədikləri qardaşını görmüşdülər… O gecə qardaşının rəngi soyuqdan, ya nədənsə tutulub göyümtülə çalırdı. İndiki kimi yadına gəlir, necə kommunist - bacısı bu balaca, yeniyetmə uşağın çiynindən itələyib onu geriyə qayıtmağa məcbur eləmişdi, müharibənin başlanmasını elan edən diktor səsiylə, «dezertirliyinə görə onu, öz kommunist əqidəli qəlbindən silib atacağını» bəyan eləmişdi… Onda, yadına gəlir, bacısı elə nifrətlə demişdi bunu, qardaşının üzü, lap balaca vaxtının ifadəsini almışdı, gözləri dolmuş, balaca dodaqlarının rəngi qaçmışdı… Anası nə illah eləyib yaxasını, üzünü cırıb tökmüşdüsə də, kommunist bacısı dediyindən dönməmişdi ki, dönməmişdi. Axırda əlacları kəsilib o çovğunlu, sərt küləkli qış gecəsi ölümünün cəngindən qurtulub evlərinə pənah gətirən on yeddi yaşlı skripkaçı qardaşını geriyə, ölümün nəhəng, qara qucağına göndərmişdilər... Onda, həmin o qorxulu gecə böyük bacısı qardaşının bu hərəkətini xəyanət adlandırmışdı. «Xəyanət» sözünün nə demək olduğunu onda nə o, nə də anası bilmirdilərsə də, hər ikisi bacısının, qorxunc hökm intonasiyası ilə dediyi bu sözdən o gecə qorxmuşdular... Sonra bacısı bu sözün mənasını izah edərək, bunun «dezertirlik» - yəni müharibədən fərari kimi qaçmaq olduğunu onlara başa salmışdı.
Fikirləşdi ki, olsun ki, həmin o qaranlıq, sakit qış gecəsi bacısı, günlərin bir günü mütləq düşəcəyi ölüm yatağından bixəbər idi. Həmin o ölüm yatağında, yadına gəlir, bacısının fanatikliyidən əlamət qalmamışdı… o «mətin kommunist» elə fağırlaşmışdı, elə yazıqlaşmışdı, elə bil heç o soyuq qış gecəsi balaca qardaşına meydan oxuyan qəddar adam o deyildi…
O gecə isə bacısı polad kimi möhkəm və yenilməz idi, səsi iti bıçaq kimi adamın ətinə yeriyirdi. O gecə bacısı, körpəliyindən qucağında böyütdüyü balaca qardaşını da elə bil tanımırdı… Elə bil üçcə ay bundan əvvəl zurna-balabanla, boynundan asılıb ağlaya-ağlaya, təsirli bayatılardan deyib yellənə-yellənə yola saldığı, həmin bu alagöz oğlan deyildi...
Fikirləşdi ki, belə çıxır ki, bacısı o illər, döş cibində müqəddəs tutiya kimi əzizləyib saxladığı qırmızı kitabçaya görə hamının üstündən keçərdi, lazım gəlsəydi, onu da, anasını da ölümə göndərərdi... Fikirləşdi ki, əziz adamını hansısa etiqadına qurban vermək – nə qədər düzgündü?!... Bəlkə də düzgündü?.. Amma o gecə - gecənin o sakit soyuğunda evdən çıxıb gedər-gəlməzə yollanandan sonra, müharibənin bitməyi də, cavan, yaraşıqlı qardaşını geriyə qaytara bilmədi… O uzaq, qarlı yollardan qardaşının məktubu da, heç qara kağızı da gəlmədi... Yadına gəlir, anası o qara kağızın yolunu gecə-gündüz - özünə də, böyük bacısına da qarğış yağdıra-yağdıra çox gözlədi... qara kağız isə gəlmədi ki, gəlmədi... Qara kağız qardaşının intiqamını beləcə aldı onlardan. Uzun illər anası da, bacıları da bilmədilər, qardaşlarının şəklinə baxanda ağlasınlar, ya gülsünlər… Bilmədilər, ölüsünə ağı desinlər, ya ümidlərinə sarılıb yolunu gözləsinlər...
Fikirləşdi ki, o gecə elə bil qardaşını, darısqal dalanlarında qara, qorxunc tüstü kimi sovrulan küləyin özü apardı... …Qardaşının məsum, gənc üzü, qorxudan iri-iri açılan gözləri gözünün qabağına gəldi... Qardaşının üzüylə bir, anasıgilin həmin o darısqal dalanları da gözünün qabağına gəldi... Qarı göyə sovrulan o qaranlıq dalanda o gecə qardaşından savayı heç kəs yox idi... Hərə öz evində, öz doğma adamların yanında, isti yorğan-döşəyində idi. Bircə qardaşı, kürəyində özü boyda iri çanta, əynindən tökülən uzun, boz şinelin yaxalığını qaldırıb, küləyin müqavimətindən yellənə-yellənə hansısa naməlum, boş qaranlıqlara doğru gedirdi... Qaranlıq, sonsuz soyuqlara qovuşurdu...
...Az qala əlli il bundan əvvəl - uzaq uşaqlıq illəri gördüyü bu qorxunc mənzərə niyəsə indi daha vahiməli gəldi ona... yarıqaranlıq, darısqal dalanlarının qar və ölüm ətirli qoxusunu da hardasa lap yaxınında duydu...
...Qızı dodaqlarına nə isə toxundurub:
– Alma şirəsidi, turşməzədi... – dedi.
– İstəmirəm... sağ ol... – deyə bildi... nahaq gəlmisən...
Sonra yenə fikirləşdi ki, dünyanın qəddar işləri çoxdu. Qanını, canını verdiyin, illərlə əziyyətlərini çəkib, sağlamlığını, gözəlliyini, cavanlığını itirdiyin uşaqların sonra səndən soyuyub öz balalarına bağlanır. Bax, indi ona şirə içirtmək istəyən bu qızı... Özü burda, gözü onda, ürəyi isə bu dəqiqə Allah bilir, uşaqlarının yanındadı. Olsun ki, onun da halına acıyır, amma, o da elə-belə, «neyçün ki, lazımdı»... Fikirləşdi ki, təbiətin qanunudu, niyə bundan pis olur ki?.. Amma indi əri sağ olsaydı, Allah bilir, onun bu halından nə günlərə düşərdi?!.. Sonra da fikirləşdi ki, tutaq ki, əri onu bu halından pis günlərə düşərdi, olsun ki, lap bağrı çatlayıb ölərdi... onun ki, dərdi düzələn dər deyildi?...
– Üzük barmağını sıxır deyəsən… bəlkə çıxarım?.. – qızı deyib günah dolu gözlərini nədənsə döşəməyə dikdi.
Əli elə bil qanad idi, qaldırdıqca qoluyla bir qalxdı... Orta barmağı şişirdib qızartmışdı... Əlini qızına uzadıb:
– Çıxart... – dedi.
Qızı üzüyü fırladıb barmağından çıxardı, ovcunun içində sıxıb bir az aralıda dayanan oğluna baxdı, daha heç nə demədi.
Qızı hər yanına gələndə gözü bu üzükdə qalırdı... – fikirləşdi – olsun ki, narahat olurdu ki, keçinəndə barmağından çıxara bilməzlər, məcbur olub bu bahalı üzüyü də onunla bir basdırmalı olarlar. Sonra gözünün qabağına gəldi, necə o keçinəndən sonra uşaqları üzüyü gecəylə - hamı dağılışıb öz evinə gedəndən sonra onun barmağından çıxarırlar… Barmağını mişarlayıb üzüyü götürəndən sonra əlini sarıyırlar ki, barmağının kəsildiyini görən olmasın... Asan məsələ deyildi, gözün görə-görə, bir maşının pulunu aparıb torpağın altına basdırmaq hər igidin işi deyildi...
Sonra da fikirləşdi ki, bəlkə qızı belə fikirləşmirdi?.. Bəlkə uşağın ürəyi doğrudan, onun barmağına ağrıyırdı?... Nə bilmək olar? Bir də indi bunun daha bir o qədər fərqi də yox idi. Sonra da fikirləşdi ki, olsun ki, qızılı, brilyantı, xalı – xalçası olmasaydı, uşaqları onun halına daha çox yanardı, daha doğrusu, fikirləri mal – pulda yox, onda qalardı. İndi isə Allah bilir, hərəsinin başı, ona düşəcək payını hesablamağa, gecələr sübhəcən nəyə nə alacağını, nəyi neçə eləyəcəyini götür-qoy eləməyə qarışmışdı. Odu ki, günlər ötdükcə, səbrləri lap tükənirdi, xəyallarında alıb, düzüb – qoşduqlarının vaxtı uzandıqca əsəbləri tarıma çəkilirdi Sonra bilmədi fikirləşdiklərindən oldu, ya noldu, bədənində elə bil nəyinsə yeri dəyişdi... Bu qəfil dəyişmədən ürəyi sıxıldı, otağın havası da birdən-birə yoxa çıxdı, çarpayısı qəfil bir sürətlə harasa aşağı - daha havasız, darısqal qaranlılara uçdu... o da çarpayısı ilə bir, heç hansı tərəfi görünməyən, ələ gəlməyən sonsuz, dibsiz boşlulara getdi... Bir qədər sonra isə, suyun üzünə çıxan tək, qar qoxulu, qəribə dumanlı işığa çıxdı... Qızı isə hardasa uzaqlarda - ovcunda brilyant üzüyü, qarnında körpəsi, onun boş yerinə baxa-baxa çarpayısının kənarında oturub qaldı...
Bəlkə öldü?!... Əgər ölüm bu idisə.... onda bu vaxtacan yaşadığı haraydı?.. Sonra çox keçmədi ki, həmin buz dumanının hansısa qütbündə gözünə qaraltıyaoxşar nə isə dəydi... Qaraltı idi, ya çəhrayılıq idi, nəydisə, baxdıqca baxmağı gəlirdi... həm də baxdıqca, ürəyi ağzına gəlirdi... Çünki duman seyrəldikcə, qaraltını daha aydın görməyə başlayırdı… amma nə olduğunu, öz dumanlı beyniylə anlaya bilmirdisə də, ürəyi, çaşıb sinəsinə düşən balaca quş kimi çapalayırdı... Sonra noldusa, qəfildən bu qaraltının nə olduğunu başa düşdü aə az qaldı ölə...
Bu, dünyasını neçə illər bundan əvvəl dəyişmiş cavan əriydi... toz-torpağın, yoxsa dumanın içinə üzüqoylu yıxılıb ordan, uzanan yerdə ona baxırdı, elə bil onu çağırırdı… Sonra əri uzandığı yerdən başını qaldırıb ona elə baxdı ki, başa düşdü ki, ona kömək eləməlidi ki, ayağa qalxsın... Ayağa qalxmaq istədisə də, nə qədər elədi ki, harasa, nəyəsə dirsəklənsin, əlinin, qolunun altına bir şey gəlmədi... hər şey hardasa çox-çox uzaqlarda, əlçatmayan, qulaq eşitməyən bir yerdə, bir özü əlsiz – ayaqsız, bədənsiz – çarpayısız halda burdaydı… və hələ də ərini istəyib - istəmədiyini, ömrü boyu ona nifrət eləyib – eləmədiyini başa düşə bilmirdi... Elə bil hər ikisi olmuşdu… sevgisi də, nifrətii də eyni ölçüdə, eyni çəkidə olmuşdu… odu ki, hər ikisi bir – birini məhv eləmişdi.
...Əri hələ də toz-dumanının içindəydi... hələ də uzanan yerdə məzlum-məzlum ona baxırdı... hələ də əl eləyib onu yanına, köməyə çağırırdı...
...Var qüvvəsini toplayıb özünü, bədəninə pərçimlənən qupquru, nişastalı döşəkağından qoparmaq istədisə də, döşəkağı dərisindən aralanmadı... bir ucu əynindəki gecə köynəyinin ətəyinə, o biri ucu qollarına sarılıb ayağa qalxmağa imkan vermədi... Fikirləşdi ki, Allah bilir, bayaqdan əl-qolunu da, bədənini də qurudan elə bu nişastası artıq düşmüş döşəkağı imiş... Sonra baxıb gördü, sən demə, əl-qoluna yapışan döşəkağı yox, kiminsə əlləridi... qızının, qan azlığından rəngsizləşib ölü toyuq caynaqlarına oxşayan cansız əllərini tanıdı... Qızı qəribə, tələsik hərəkətlərlə qollarını ovuşdururdu, əllərini sığallayırdı…
Olsun ki, halı qəfildən pisləşmişdi... – qulaqları uğuldaya – uğuldaya fikirləşdi – uşaq qorxmuşdu...
Qızının rəngi də elə bil avazımışdı, gözləri çuxura düşmüşdü. Ya bəlkə elə gələndən beləydi?!.. Əslinə qalsa, qızı uşaqlıqdan beləydi. Qızı lap uşaq yaşlarından, həmin bu qanı qaçmış əl-ayağıyla, əbədi incik, narazı üzüylə, küləyin müqavimətindən bayraq kimi yellənən cansız bədəniylə uğursuz taleyinin möhürü kimi daim gözünün qabağında ağarırdı... gecə-gündüz heysiz, xəstə toyuq səsiylə zıqqıldayıb, onun onsuz da qara gününü bir az da qaraldırdı. Qızının daim harasısa ağrıyırdı. Qızı ya durduğu yerdə yıxılırdı, ya nəyinisə itirirdi, ya yediyi yemək nəfəs yolunda qalıb onu çeçədirdi… Axır ki zıqqıldayıb zarımaq üçün bəhanə tapılırdı...
...Yenə çarpayı nənni kimi yellənməyə, onu uzandığı yerdə asta-asta yırğalamağa başladı. Yırğalandıqca, yuxusu gəlirdi... hardansa lap yaxından səs gəlirdi... Kimsə layla oxuyurdu onun üçün... oxuyub-oxuyub arada bir susurdu… elə bil nəfəsini dərirdi, sonra pıçıltıyapənzər xışıltıyla «kuş-kuş-kuş» deyib çarpayısını cırıldada-cırıldada yırğalayırdı...
- Gözünü yum... – səs az qala qulağının içinə dedi…
Baxıb gördü yanında oturan özüdü... Elə də cavan, elə qəşəngdi, yanaqlarının çəhrayılığına baxdıqca doymur. Amma üzündən yorğunluq tökülür. Onun yatmadığını görüb çarpayının başına dirsəkləndi, lap astadan, az qala pıçıltıyla:
- Niyə yatmırsan, mənim balam?..-dedi – İndi hamı yatıb artıq… Cırtdan da, Məlik Məmməd də… Mən də yorğunam… sən yat ki, mən də gözümün acısını alım... Yazığam axı... Yat, ana, yatsan dincələrsən...
...Qızıydı, ya özüydü?!.. Qızıydı, qızı... indi necə də onun cavanlığına oxşayırdı?!. Deyirlər, adamın günü yaxşı keçəndə, ömrü tez gəlib keçir. Amma yox, düz deyil. Pis gün ondan da tez keçir... yaşadığı bu mənasız ömrü olsun ki, elə pəncərənin bu balaca, darısqal qəfəsinə baxmağına sığan bapbalaca zaman kəsiyimiş... Sonra yenə nə qədər özünü üzüb, yadına, yaxşı günlərini salmaq istədisə də, yadına heç nə düşmədi... Fikirləşdi ki, əgər indi öləcəkdisə, niyə yaşamamışdı?... O nə həyat idi, kimin üçün, nəyə görə?.. Özü üçün ki, demək olar, bircə gün belə yaşamamışdı... Sonra gözünün yanıyla, hələ də əl-qolunu ovuşduran qızına baxa-baxa fikirləşdi ki, əgər bütün ömrünü uşaqlarına həsr eləmişdisə də, axı bunun özündə də bir məna yox idi?.. Guya özünü onlara həsr eləməsəydi, uşaqları böyüyüb boya başa çatmayacaqdılar, ya hərəsi özünə görə bir adam olmayacaqılar?..
...Kiçik oğlu bütün gecəni onun keşiyini çəkmişdi deyə, əldən düşüb küncdəki kresloda ağzıaçıq yatırdı... Bu dəqiqə nəfəsi kəsilsəydi, oğlunun xəbəri olmayacaqdı, oyanıb onu ölmüş görəndə də həmişəki kimi ayağa qalıb əsnəyə-əsnəyə iynə qaynatmağa gedəcəkdi. Ya bəlkə ağlayacaqdı?!... Üzünü tutub «ay ana!..» deyə-deyə hönkürüb ağlayacaqdı?!.. Sonra da fikirləşdi ki, axı niyə istəyirdi ki, o öləndən sonra uşaqları onun üçün ağlasınlar, nəyinə lazım idi?.. Bundan kam alırdı, nədi?.. Sonra da fikirləşdi ki, nəyin kamını axı?..
…Oğlu yuxuda ağzını marçıldada-marçıldada nə isə yeyirdi... Yenicə anadan olanda, yadına gəlir, beləcə marça - murçla onun döşünü yeyirdi... İndi daha döşü də, özü kimi lazım deyildi oğluna...
Snra elə bil qapı döyüldü… Ya döyüntü onun içindən gəldi?.. Fikirləşdi ki, heç olmasa, bircə xoşbəxt günü yadına düşsəydi, rahatlanardı, ürəyi yerinə gələrdi… Bəlkə də ölərdi...
Amma heç nə düşmürdü yadına... Yadına elə bil ox batmışdı. İndi yaddaşı həmin o oxun ağrısından bulana-bulana, harda ağrılı, ürəkbulandıran xatirələr vardısa, çəkib yaddaşına gətirirdi... Bax əgər indi yadına, olub keçən bircə yaxşı hadisə, adicə yaxşı bir gün, ya söz düşsəydi, bu yaşda ölməyinin də, ömrünü uşaqlarına həsr eləməyinin də, qarnının içində gün-gündən üfürlənib böyüyən düyünlərin də mənasını anlayardı... Yadına isə heç nə düşmürdü... Fikirləşdi ki, bəlkə, saçının dibinədən dırnağınacan ağrıdığına görə, yaddaşı belə qarımtıl-boz rənglərlə doludu?!.. Yoxsa hava qaralırdı?.. Ya da olsun ki, sübhə az qalırdı... Əslinə qalandı, indi bunun fərqi nə idi ki?.. Hava elə hey qaralırdı, açılırdı, sonra yenə qaralırdı... Yaddaşı da havayla bir gah qaralırdı... gah ala – toran olurdu...
Fikirləşdi ki, görən indi əri ha tərəfdədi, onun yolüstə olduğunu bilirmi?.. Görən bir azdan nə hiss eləyəcək?.. O öləndən sonra uşaqları neyləyəcək?..
...Ürəyi yenə tələyə düşən quş kimi çabalamağa başladı... Dünən də fikirləşə-fikirləşə gəlib bura çatanda ürəyi az qalmışdı dayana... Yüz dəfə özünə söz vermişdi ki, bu halında belə niyabət-niyabət fikirləşməsin...
...Çöldən quş səsləri eşidilirdi... Bu, o demək idi ki, səhərə az qalıb... Sonra otağa hardansa təptəzə ot iyi doldu və o, fikirləşdi ki, əgər o dombagöz sahə həkimi onunla gülümsəyə-gülümsəyə danışırsa, deməli vəziyyəti bir o qədər də pis deyil. Ümumiyyətlə, hər şeyi şişirtmək, pis tərəfə yozmaq onun çoxdankı adətidi.
...Oğlu deyəsən qapının zənginə ayılmışdı, ayağa qalxıb yuxulu hərəkətlərlə köynəyini düymələyə-düymələyə dəhlizə çıxdı. Çox keçəmədi ki, otağın qapısında böyük oğlunun dolu vücudu göründü... Böyük oğlu deyəsən onun hələ ki, sağ olduğunu gözləmirdi. Odu ki, bir müddət qapının ağzında dayana – dayana onun vəziyyətini dəqiqləşdirdi, sonra elə qapının ağzından qəribə, ürkək səslə:
– Necəsən ana?.. – dedi və içəri keçib əlləri belində başının üstə dayandı.
Oğluna cavab vermədi... Heyi çatmadı, yoxsa elə-belə ürəyi istəmədi?!.. Böyük oğlu onun yanına hər dəfə belə gəlirdi, içəri, mağazaya yoxlamaya göndərilən müfəttiş kimi daxil olur, ölümündən yoluxmaqdan qorxan təki, bir müddət qapının ağzında dayanıb uzaqdan-uzağa maraq dolu gözlərlə ona baxırdı ki, görsün ölüb, ya ölməyib... Fikirləşdi ki, kaş öləndən sonra heç olmasa bu oğlu ağlayaydı... Ya da elə indi gəlib çarpayısının yanında diz çökəydi, əllərini əlinə alıb öpə-öpə, yalandan da olsa, «sənə bir şey olsa, dünyanı dağıdaram, ana» - deyəydi... Ya da heç olmasa, keçib o biri otaqda ağlayaydı... Amma elə ağlayaydı ki, hıçqırığını az-maz da olsa, eşidəydi...
Aydının üzü isə ifadəsiz idi. Elə bil ağlamağa vaxtı yox idi. Bir ayağı qaçaraq, saxta nikbinliklə:
– Yox, bu gün yaxşısan, maşallah... – deyib hələ bir addım da geriyə çəkildi.
Niyə oğlu hər bura gələndə bu eyni, saxta sözü deməkdən utanmırdı?.. Ona nə isə ayrı bir şey demək üçün fikirləşməyə vaxtı yox idi, nədi?.. Vaxtı da yox idi, həvəsi də. Yaxşı başa düşürdü, gündəlik yolunu dəyişib bura gəlmək, lifti daim xarab olan səkkiz mərtəbəni ayaqla qalxmaq, rahatlığı canından artıq sevən bu tənbəl oğluyçun nə boyda işgəncəydi. Hələ üstəlik, ona demək üçün təzə bir söz də fikirləşib tapmalıydı... Hər dəfə də «yaxşısan maşallah» – deyə-deyə özünün də ət tökdüyünü görürüdü, yazığı da gəlirdi ona. Amma neyləmək olardı?..
Fikirləşdi ki, adam elə qəfildən, «hıqq» eləyib ölə, vəssalam. Yoxsa gör bir neçə aydı uşaqları, həkimlər, qonum-qonşu, tanış – biliş bu liftsiz binanın sınıq – salxaq pillələrini düşüd – çıxmaqdan, aylarla heç nə dəyişməyən bu havasız otağa gəlib getməkdən əldən düşüblər. Uşaqları pillələri gündə-gündə düşüb-çıxmaqdan arıqlayıb, gözlərinin altı qaralıb. Onun halını soruşmaqdan da beziblər, ürəyini xoş eləməkdən, qeydinə qalmaqdan cana yığılıblar. Bunu hamının gözündən oxuyurdu… Uşaqlarına eloədiklərini indi burunlarından gətirirdi, bu zəhirmar xəstəliyi ilə hamıya yaşamağa mane olurdu. Qoymurdu, vicdan əzabı çəkmədən, rahat yaşasınlar. Bax, indi də bu böyük oğlu... Qapının ağzında dayanıb, ona cüzamlı xəstəyə baxan kimi baxa-baxa bilmir neyləsin, daha nə desin... Otursun, oturmağa yəqin ki, vaxtı yoxdu, uşaqlarını məktəbdən götürməlidi. Çıxıb getsin, o da pis çıxır, onda niyə gəlirdi?!.. Gərək bir söz desin, elə bir söz ki, burda, onun yanında saatlarla oturmağına dəysin, dizi üstə çöküb ağlamağının yerini versin... O sözü də, başı evin min cür problemlərindən şişən oğlu, bura gələnəcən fikirləşib hazırlamamışdı. Tənbəllik eləmişdi, ya vaxtı olmamışdı?!... Ya bəlkə çox fikirləşmişdi, çox götür-qoy eləmişdi, gecələr səhərəcən gözünü yummadan, buragəlib ona deyəcəyi sözü axtarmışdı?!.. Bəlkə də o sözü tapmışdı, amma səkkiz mərtəbəni tövşüyə-tövşüyə çıxanda, olsun ki, o tapdığını itirmişdi...
Bu mərtəbələri də andıra qalsın... – fikirləşdi... O, yatağa düşəndən bəri liftə də elə bil çər dəymişdi. Lift də xəstələnib mərtəbələrin arasında donub qalmışdı... Ya bəlkə o da onun yanına gələnləri yuxarı danışmaqdan bezmişdi, yorulmuşdu?!...
Kiçik oğlu kreslonun içində qurcalanıb əsnədi…
Kiçik oğlu onun halına hamıdan çox yanır. Gecə-gündüz ac-susuz onunla üzbəüz otura-otura, göz görə-görə üzülür... Axır vaxtlar isə elə bil bu kiçik oğlu da, içinin ha tərəfindəsə yanıb - sönən hansısa gözəgörünməz, ağrılı nöqştəsinin düyməsini basıb söndürmüşdü... odu ki, daha ona baxanda ürəyi ərimirdi... Ağrısı tutanda, və o, yerinin içində sabalaya - çabalaya qırıq-qırıq itən nəfəsilə boğulanda, oğlu ona – sakit mərzərə şəklinə baxan kimi, baxırdı... ayağa qalxıb sakit addımlarla onun ağrıkəsən iynəsini qaynatmaq üçün mətbəxə elə gedirdi, elə bil özünə çay tökməyə gedirdi...
– Bir şey yeyib-eləmisən?..
Bu da, söz ehtiyatı kasad olan böyük oğlunun, boşluğu doldurmaqdan ötrü, fikirləşib tapdığı təzə söz idi. Bunu da yüz dəfə yox, min dəfə eşitmişdi. Guya böyük oğlu bilmirdi ki, bir aydan çoxdu nəyinki dilinə heç nə dəymir, ona «ye» deyən adamdan zəhləsi gedir...
Üzünü pəncərəyə çevirib, dama-dama qəfəsdən çölə baxdı... Fikirləşdi ki, hansı ağılla bu hündürlükdə pəncərəyə belə balaca, ürəksıxan qəfəs qoydurmuşdu?.. Sonra yadına düşdü niyə. Həmin bu adamboylu pəncərədən bir vaxt evlərinə girən oğruya görə qoydurmuşdu bu qəfəsi... Düzdü, onda oğlu evdən heç bir şey götürə bilməmişdi, amma uzun müddət onun qara, qorxunc pişik vücudunun vahiməsi evin də, onun da canından getməmişdi…
...Boğazını qəhər tuta-tuta fikirləşdi ki, kaş indi min oğru girəydi evlərinə, nəyi var çapıb-talayıb aparydı... gedəndə o qəfəsi də yadından çıxarmayaydı, onu da kökündən qoparıb özü ilə aparaydı... Ya da elə bir oğru girəydi evlərinə ki, künc-bucağı eşələyəndə, qəfildən gözü ona sataşaydı, onun halına acıyıb əlni saxlayaydı, çarpayısının kənarında oturub ona öz həyatını, ağrılı, acılı anlarını danışaydı… hönkür-hönkür ağlayaydı, sonra da onu qollarına alıb özüylə aparaydı... gözlərini ağrıdan bu çəhrayı otaqdan, bu bataqlıq qoxulu, isti çarpayıdan, bu eybəcər qəfəsdən canını qurtaraydı... o da bu mərhəmətli oğrunun qolları üstə - eləcə yol gedə-gedə, külək üzünə dəyə-dəyə öləydi...
...Çöldən azan səsi gəlirdi... Hə, demək səhər açılırdı... İndi əgər ayağa qalxa bilsəydi, bir vaxtlardakı kimi, pəncərənin qabağın keçə bilsəydi, ordan - təyyarədən baxan tək, yarıqaranlıq şəhərə baxa bilsəydi, qaranlır arı pətəklərinə bənzər binaların pəncərələrində bir-bir çırtlayan işıqları görərdi...
Hə... səhər açılırdı... İndi hamı yuxudan oyanıb, yeni gününü yaşamağa hazırlaşacaqdı... Çaydanlar qaynadılacaq, soyuduculardan səhər yeməkləri çıxarılıb süfrələrə düzüləcək, dərsə, işə geyiləsi əyin-başlara ütü çəkiləcəkdi...
O isə heç hara tələsmir... Yox, niyə ki, axı o da tələsir...
Fikirləşdi ki, qəribədi ki, daha heç harası ağrımır... Nə beli, nə kürəyi, nə də qəmbər düyünlər bağlamış içalatı… elə bil donublar, ona heç bir aidiyyatları yoxdu. Olsun ki, beli də, kürəyi də, ağrımaqdan, zoqquldamaqdan yorulublar… Ya da olsun ki, özü yorulub ağrılardan. İndi Allah bilir, bütün bədəni ağrıdan, yandırıcı göynərtidən ovulur, sızıldayır, didim – didim didilir… amma o bunu hiss eləmir. Bədəni ağrımaqdan bezib, ya da olsun ki, səbri tükənib. Beyni də, yaddaşı da yorulub əldən düşüb. Olub keçənləri də düz əməlli gətirmirlər yadına. Budu bax, oğlu oturan qəhvəyi kresloda indi anası əyləşib, ona baxa-baxa ağzının içində asta-asta ağı deyib ağlayır... Ya bəlkə ağlayan – oğludu?..
Sonra hardansa yadına, anasının dəfni düşdü... Anası keçinəndə, yadına gəlir, təzə ərə getmişdi, boylu idi. Hər hönkürəndə, bətnindəki körpənin balıq kimi bulanıb göbəyini döyəclədiyini hiss edirdi... İndi elə oturub yanında, elə bil o vaxt ölən ayrı adam olub... Ya bəlkə səhv eləyir, anasının dəfnini yuxuda görüb?!.. Axı anası budu burdadı, səsini də apaydın eşidir… Başını yastıqdan qaldırdı, ya qaldırmadan kresloya tərəf baxıb bir də müəyyən elədi ki, bəli, kresloda oturub ağı deyən yaşlı, kəlağayılı arvad anasıdı... Nabatın özüdü...
– Ana… ay ana... ölürəm axı...
Anası qollarını ona sarı uzatdı... Elə uzatdı, elə bil onu balaca vaxtındakı kimi qucağına alıb bağrına basacaqdı. Ayağa qalxıb anasının qucağına yüyürdü... yürüdükcə, yorğan-döşəyin bataqlıq nəminin, xəstə ağırlığının canından sovuşduğunu hiss elədi... Ha qaçdı, anasına çata bilmədi… Anası da eləcə kresloda oturduğu yerdə, qolları ona sarı uzana qaldı...
...Qapının zəngi çalındı, ya bəlkə çalınmadı?.. Axır hardasa, nə is əcingildədi elə bil… Axır günlər özü də hiss eləyirdi, necə səsləri, üzləri, vaxtı səhv salır. Demək axırıdı... Anası da, böyük bacısı da belə idilər, yadına gəlir, hər şeyi səhv salıb qarışdıra – qarışdıra, ağlayıb işləyə - inləyə getdilər... Onlar da onun kimi, əvvəl iştahdan kəsildilər, sonra gecəni-gündüzü, yaxın adamlarının üzlərini səhv salmağa başladılar... Belə fikirləşəndə, ağlamaq istədi, amma ağlamağı gəlmirdi... Qəribə, bumbuz bir qorxu yeridi canına... Çönüb hələ də qapıda dayanan böyük oğluna baxdı. Böyük oğlu özünə çıxış yolu tapmışdı, qapının çərçivəsinə söykənib siqaret çəkirdi, tüstünü dəhlizə üfürdü...
Bir istədi, böyük oğlunu yanına çağırıb qulağına desin ki:
– Qucağına götür məni... - sonra yadına düşdü ki, böyük oğlu hələ lap uşaqlıqdan ölüdən qorxur.
Fikirləşdi ki, onu basdırandan sonra hər iş öz qaydasıyla gedəcəkdi. Hamı həmişəki həyatını yaşayacaqdı, danışıb-güləcəkdilər, yeyib-içəcəkdilər, maraqlı filmlərə baxıb onu yaddan çıxaracaqdılar... O isə, mənzil başı bilinməyən qapqaranlıq, damdarısqal yolun ərəfəsindəydi, hansısa naməlum həyata, ya bəlkə yoxluğa qovuşmağın astanasındaydı... Olsun ki, bu yol uzun çəkəcəkdi. Yaşadığı ömründən qat-qat uzun çəkəcəkdi... olsun ki, bu yol başdan başa iztirabla, əziyyətlə dolu idi… olsun ki, o yolu getdikcə, havası çatmayacaqdı, darısqal, qaranlıq havasızlıqdan ürəyi partlayacaqdı... nə yol qurtaracaqdı, nə zülmət çəkiləcəkdi, nə də mənzil başına yetişəcəkdi... Sonra da fikirləşdi ki, öləndən sonra hava nəyinə gərək idi axı?!..
...Kimsə üstünə əyilib yanağından öpdü… Hə, demək qapının zəngi doğrudan çalınıbmış... Ortancıl oğlunu, ağırlaşmış göz qapaqlarını qaldırmadan, nəfəsinə acı tüstü kimi yeriyən kəskin spirtin iyindən tanıdı...
Ürəyi döyünə – döyünə fikirləşdi ki, bunlar niyə hamısı başına yığılıb? Bəlkə can verir?!.. Yox, can verənləri çox görmüşdü. Ən əvvəl xırıltı başlayırdı, adam tövşüyürdü, sinəsi, qarnı qalxıb-enirdi… sonra içəridən doğuş gücənməsini xatırladan anlaşılmaz bir gücənmə gəlirdi… O isə xırıldayıb eləmirdi, ürəyi hələ ki, sakit – sakit döyünməyində idi... Ya bəlkə xırıldayırdı, öz xırıltısını eşitmirdi?!...
Ortancıl oğlu çarpayının ayaq tərəfində oturmuşdu, nə vaxtsa macal tapıb, hissiyatı ölmüş yoğun ayaqlarından birini qucağına alıb ovuşdururdu.
– Niyə gəldin?.. - çətinliklə də olsa, dilini ağzının içində zorla hərplədə-hərlədə dedi.
Dili elə bil yatmışdı. Sonra baxıb gördü ortancıl oğlunun qucağında tutub ovduğu sağ ayağıdı.
– Bir çarə eləyin mənə, yazığam... – deyib susdu. Daha doğrusu, elə bil səsini kəsdilər. Sonra özü öz dediyindən pərt oldu. Bu neçə ayı üstünə çağrılan həkimlər ordusu gözünün qabağına gəldi.
…Aşağıdan taqqıltı səsləri gəldi... Olsun ki, yenə aşağıda ət doğramağa başlamışdılar. Yox, ət doğramırdılar, kimsə dəmir dikdabanlarla pillələri aşağı enirdi, ya yuxarı qalxırıdı?..
Onlara gəlirdilər... Adamlar idi…onu basdırmağa gəlirdilər...
Var gücünü toplayıb, suda boğulan kimi vurnuxub elə bil nəyinsə içindən çıxdı... Hələ ölmürdü… Taqqıltı səsləri də aşağıdan yox, hardansa buralardan, mətbəxdən gəlirdi… Bu, Müzəffər kişiydi, mətbəxdə oturub əlini balaca mətbəx stoluna vura-vura, xırda gözlərini qıya-qıya çar Nikolaydan danışırdı... ordan Müsavata, ordan 37-ci ilə keçirdi… Vahiddən misralar deyirdi... dedikcə də, dediklərinin təsirindən, onsuz da xırda gözləri kiçilib balaca, diri nöqtələrə dönürdü, qırışlar dolu alnı xırda-xırda tər muncuqları bağlayırdı... İlgək yerləri ağarıb yeyilmiş pencəyinin cibindən, qulpuna üst-üstdən çirkli bint sarınmış balaca bıçağını, o biri cibindən, balaca sarımsağını çıxarıb, sarımsağı bıçaqla soyurdu, dilimləyib, Vahidin qəzəllərindən deyə - deyə çörəyinin qabığına sürtüb iyləyirdi, sonra çapma stəkanındakı arağı iyləyib üzünü turşudurdu, arağın iyindən ürpənən təki, çiyinlərini titrədirdi. Sonra arağı başına çəkib beldən yuxarı bütün bədənini silkələyirdi, sarımsaqlı çörəkdən bir tikə ağzına qoyub, püfüldəyib:
– Rəngdur gördüyün hər dürü aləm... – deyib elə bil özünə gəlirdi. Üstündən çox keçmirdi ki, Müzəffər kişinin nöqtə gözləri yenidən qıyılırdı, qoca, heysiz yumruğu yenə stola çırpılıb üstündəkiləri dingildədirdi... Əri də ordaydı, bilirdi... içki məclislərin tüstüsünü canına çəkən balaca şer kitabını vərəqləyib, bürüşmüş cildini qolçağıyla silə-silə Fizulinin qəzəllərindən oxuyurdu... Oxuya-oxuya gözləri dolurdu, boğazını qəhər tuturdu...
– Dahiliyin dərəcəsinə bir bax... – deyib, elə bil hansısa naməlum boşluğa düşürdü...
Yadına gəlir, Hələ lap balaca olanda, xalasıyla bir, onun bu «anbardar – filosof» ərinin, şəhərin mərkəzi küçələrindən birinin zirzəmisindəki ərzaq anbarına girəndə, daim qaranlıq künclərlə becid hərəkətlərlə o baş – bu başa qaçışan siçovulları görəndə, Müzəffər kişiyə yazığı gəlirdi, ərzaqı nə vaxtsa qurtaracaq bu anbar siçovullarının bir gün də ona tamah salacağını, gecələrin birində sürü ilə onu dövrəyə alıb canına daraşacaqlarını təsəvvürünə gətirirdisə də, siçovullar Müzəffər kişiyə dəymirdilər. Tanıyırdılar onu nədi, ya üzləri üzünə öyrəşmişdi? Ya bəlkə ona görə ki, Müzəffər kişinin onlarla işi yox idi, onlara dəymirdi, onları zəhərləmək üçüe heç hara dərman səpmirdi, əksinə, anbardan daşınan çuvallardan yerə səpilib qalan un, düyü, qarabaşaq qalıqlarını süpürüb yığışdırmırdı ki, daim ac olan bu anbar əhlinə də yeməyə bir şey qalsın. Odu ki, siçovullar, Müzəffər kişinin əvəzinə, onun arvadını - dəyirmi üzlü, həlim səsli xalasını yedilər. Şəhərin adamsız, sakit gecələrinin birində, zirzəminin, balaca, köhnə maşın salonu boyda müdir otağında qurulan xudmani içki məclisinə girib Müzəffər kişinin, yeyib-içdiyini burnundan gətirdiyinə görə...
...Müzəffər kişi nə vaxtsa gəlib yanında oturbuşdu, iki əliylə onun başını tutub, araq iyli nəfəsini üzünə üfürür - üfürə:
– Ölmə... anacan, ölmə... qurbanın olum... – deyib ağlayırdı…
...Ortancıl oğlu idi… bayaqdannan bəri burda, yanında oturduğunu unutmuşdu…
Gözlərini, köhnə, ağır pəncərənin tayını açan təki, açıb yanında oturanın üzünü seçməyə çalışdı… Oğlu idi, ya Müzəffər kişiydi, başa düşmək olmurdu...
– Öl...mü...rəm... – kiməsə dedi... Ya o dedi?...
Oğlu bu sözdən, ya nədənsə ayılıb çarpayının böyründə dizi üstə düşdü, başını çarpayısının kənarına dirəyib bir müddət hıçqıra-hıçqıra qaldı... sonra deyəsən oturduğu yerdə də yuxuya getdi...
Ortancıl oğlu axırıncı dəfə yanına, iki ay bundan əvvəl gəlmişdi... Onda o hələ ayaq üstə idi, özü yeriyirdi, qapını da onda oğluna özü açmışdı. Oğlu onda da həmin bu araq iyi ilə içəri girib beləcə dizi üstə düşmüşdü qabağında, başını ayaqlarına qoyub beləcə hıçqıra – hıçqıra, zülüm-zülüm ağlamışdı: «Sənə bir şey olsa, özümü öldürərəm» demişdi... sonra toxtayıb ona özündən, səhəri – axşamı bilinməyən bulanıq həyatından danışmışdı. Ona gün verməyən ikinci arvadından, içmiş halda gələndə, onu evə buraxmamağından, bağlı qapı arxasında əlacsız qalıb, soyuq, daş pilləkənlərin üstünə yatmağından danışmışdı, sonra pul istəyib, dönə – dönə ondan üzr istəyə – istəyə çıxıb getmişdi…
Gözünün qabağına, başı hələ də çarpayının kənarında oturub hıçqıran ortancıl oğlunun uşaqlığı - ağappaq, girdə sifəti, onun üçün Moskvadan əriylə bir yerdə seçib aldıqları tünd qəhvəyi kostyumu, yaxası çəkili ağ köynəyi gəldi… O kostyumla köynəyi geyinəndə, saçlarını sulu daraqla yana darayanda, yadına gəlir, oğlu hansısa filmdə gördüyü balaca şahzadəyə oxşayırdı... Bu yaraşıqlı, çalışqan uşağı, nə vaxsa ggözəl gələcəkdə - əynində ağ həkim xalatı, əllərində cərrah əlcəyi, ağzında ağ örtük, əməliyyata girən yerdə təsəvvürünə gətirirməkdən, yadına gəlir, ürəyi dağa dönürdü...
...Oğlu yenə o günkü kimi hıçqırırdı... yəqin yenə ondan pul istəyəcəkdi...
– Məni tək qoyub getmə, ana... Sənsiz mən neylərəm? – oğlu, ağzını döşəyə dirəyib döşəyin içinə ağlayırdı…
…Ürəyi sıxıldı. Bu, niyə ağzına gələni danışır axı?.. Hələ ortada ki, heç nə yoxdu... Nə ölən var, nə itən… o isə indidən yola salır onu. O dəfə də yadına gəlir, ayaqlarına döşənib hönkürəndə, oğlunun gözlərindən bircə gilə belə olsun yaş çıxmamışdı. Olsun ki, oğlu indi də ağlamırdı, ürəyini yumşaltsın deyə, yalandan, quru-quru hönkürürdü. O qədər arağı ki, o içir, orda ürək qalar?.. – hövsələsi darala – darala fikirləşdi. Allah bilir, yenə arvadı qovub evdən, olsun ki, yenə səhərəcən pilləkənlərdə qalıb, qonşular üstündən keçib gediblər, ayaqlarını onun sərxoş yuxulu kürəyinə silə – silə gediblər...
– Dur get, sən allah... – dedi... – əl çək yaxamdan...
– Yox, ana, yox... qovma məni...
Sonra oğlu əlini qəfildən əlinə toxundurdu… elə bil bədənini ildırım vurdu...
– Ay allah... əl vurma mənə... Ay uşaq, pul verin buna, çıxıb getsin...
Bədəni bayaqkı «ildırımdan» quruyub qupquru taqqanağa döndü. Başı da, üzü də, gözlərinin içi də elə bil qurudu… Sonra həmin o quru beyniylə fikirləşdi ki, bu ortancıl oğlu, əslinə qalsa, uşaqlarının ən gözəliydi, ən mərhəmətlisi, ən istiqanlısı, canıyananı, bir sözlə, ən yaxşısıydı. İndi isə ən pisiydi... Ən arsızı, ən laqeydi, ən şəxsiyyətsiziydi... Dəfələrlə nələr deməmişdi ona?!.. Dedikcə də, oğlu, onu eşitməkdən çox, üşümüşdü... pencəyinin yaxalığını qaldırıb titrədə – titrədə boyun-boğazını bağlamışdı. Sözlərindən üşümüşdü görünür. Titrədə – titrədə, içi dərin uçurumlar dolu gözləriylə ona:«Az danış, ürəyim bulanır, gözüm hara baxırsa, ağrıyır... əl çək yaxamdan...» - deyirdi. Hərdən oğlu bunu diliylə də deyirdi. Ağlaya-ağlaya dizi üstə düşüb əllərindən, ayaqlarından öpürdü. Oğlu belə eləyəndə, dediklərinə peşman olurdu, özünə ürək-dirək verə-verə yadına, tanış – bilişin narkommaniyadan əziyyət çəkən övladlarını salıb, Allahına min dəfə şükür edirdi.
Oğlunun gözləri yenə şüşə kimi ifadəsiz idi... alt dodağı, arağın təsirindən cansız ət parçası kimi sallana-sallana, küt ifadəylə ona elə baxırdı, elə bil onu tanımırdı, heç bu evi də tanımırdı... gözü onun üzündə, fikirləşirdi ki, bura haradı... hardan gəlib çıxıb bu evə?.. Fikirləşdi ki, oğlu bu vəziyyətində bura, pişik anasını iyiylə tapan kimi, havayla - yolları, küçələri iyləyə-iyləyə gəlib çıxmışdı... İndi, gəlib onu tapandan sonra neyləyəcəyini bilmirdi... Bu fikirdən oldu, ya noldusa, qəfildən içində nə isə qırılıb axdı…
– Vay canım... – dedi... və canının, bu sözdən azca yumuşalıb titrədiyini hiss elədi...
Oğlu onun səsindən diksinən kimi oldu... Elə bil bayaqdan onu ölmüş bilirdi... ağzının içində astadan:
- Ana... ay ana... – deyib qorxu içində susdu. Yoxsa ardını o eşitmədi? Fikirləşdi ki, niyə uşaqları sözə bu qədər simicdilər?... Buna da pul lazım deyildi ki, hardan tapacaqlarının yollarını axtaraydılar?!.. Sonra da fikirləşdi ki, olsun ki, deyə bilmirlər. Nə söz deyə bilirlər, nə ağlaya bilirlər... Yadına, nə vaxsa kiminsə dediyi ağrılı ifadə düşdü: «Ürək yanmasa gözdən yaş çıxmaz...» Hə... söz də göz yaşı kimidi... – fikirləşdi. O da ürəyin yanmasını istəyir. Uşaqlarınınsa ona ürəyi yanmırdı... Olsun ki, sonra yanacaqı. O, öləndən bir müddət sonra.
– Qurbanın olum, ana... – oğlu başını indi də deyəsən onun ayağına qoymuşdu. Oğlunun bu sözündən qəhərləndisə də, yadına düşdü ki, oğlu bu sözü demək olar ki, hamıya deyir. O əzazil arvadına da, uşaqlarına da, qonşusuna da, siqaret aldığı satıcıya da, taksi sürücüsünə də. Oğlu ələxsus içəndə çox deyirdi bu «qurban olum»u. Elə bil içəndə doğrudan hamının qurbanı olmaq istəyirdi... bircə sözə bənd idi ki, özünü məvh eləyə, hamının ayağı altına yıxıla... Yadına, Kislovodskda, yağışlı bir gündə nahar etmək üçün saatlarla yağışın altında durub növbə gözləyəndən sonra axır ki, düşdükləri gürcü restoranında bu ortancıl oğlunun restoranın böyük hovuzuna yıxılmağı düşdü... Uzun hay-həşirdən sonra, uşağı sudan çıxarıb restoranın mətbəxinə aparmaqları, orda balaca paltarlarını soyundurub nəhəng qazanların qaynadığı sobanın üstündə qurutmaqları, oğunun tərtəmiz, bakirə gözləri düşdü… Ərinin qucağında, balaca, çılpaq bədəniylə, suyunun damlaları sobaya düşən yaş saçlarıyla vurnuxa – vurnuxa, badamı, qonur gözləri qorxudan, ya nədənsə parıldaya – parıldaya:
– Balıq uddum ana, balaca, qırmızı balıq... – deyib ağlamağı gözünün qabağına gəldi. Oğluna ürəyi ağrıdı… Onda oğlu, doğrudan balıq udmuşdu, ya o qırmızı balığı udmağı öz uşaq fərziyyəsiylə özündən uydurmuşdu?!..
...Ürəyi əzildi... Hanı o qırmızı, balaca balığı udan köyçək oğlu?... Nahar etdikləri o xardal iyli gürcü restoranı görən indi də dururmu Kislovodskda?..
Qəfildən hiss elədi ki, otaq adamla doludu... Adamlar divar boyu cərgələnib, fəxri qarovulda duran təki dinməzcə dayanıb ona baxırlar, baxa-baxa nəyisə gözləyirlər… Nə isəyirlər axı ondan?..
Otağın havası da adamların nəfəsindən ağırlaşdı deyə, havası çatmadı… Ağzını açıb havanı içinə çəkdi... Yenə elə bil gözü qaraldı…
Uşaqlarının hamısı burdaydı... çarpayının ətrafına yığışıb ona elə baxırdılar, elə bil artıq ölmüşdü... Bircə böyük oğlu hələ də qapının çərçivəsində elə dayanmışdı, elə bil çəkilsəydi, çərçivə aşacaqdı... Bu oğlu hələ lap uşaqlığından belə idi... Elə bil onu qorumaq üçün, qədrini bilmək üçün, başını sığallamaq üçün bir adam da - onun əkiz tayı da onunla bir dünyaya gəlmişdi, lap körpə vaxtlarından içində böyüyüb onunla bir boy atmışdı, böyüyüb-böyüyüb indi onun özündən də böyük olmuşdu, ona, özündən savayı ayrı bir şey haqqında fikirləşməyə imkan vermirdi... Lap balaca olanda isə, yadına gəlir, özündən bir yaş kiiçik olan, dünyaya təzə gəldiyindən, hamının diqqətini ondan yayındıran, hər bir şeydə - geyimdə də, oyuncaqlarında da şərik çıxan balaca qardaşını öldürmək də istəmişdi... Hamının başı iş – cücə qarışan vaxt, barmaqlarının ucunda, ehmallıca çağanın yatdığı otağa girib, orda əlinə keçən qulaqbalışını yuxulu qardaşının ağzına basmışdı ki, onu öldürsün… çağa isə ölməmişdi... Fikirləşdi ki, Allah izn vermədi ki, ortancıl oğlu da ölmədi. İndi o da beləcə… Görünür, ölməyinin icazəsi gəlməyib hələ…
Kiçik oğlu divara söykənib dayanmışdı... Fikirləşdi ki, o da böyüyündən geri qalmaz. Onun da gözləri muncuq kimi soyuq və ifadəsiz idi. Bircə elə bil qızı narahat idi... gah böyrünə əyləşib nəbzini tuturdu, gah qalxıb tələsik addımlarla otaqdan çıxırdı, mətbəxdə taqqa-tuq sala – sala nələrinsə elə bil yerini dəyişirdi, sonra gəlib kiçik qardaşıyla xısınlaşırdı...
Fikirləşdi ki, yaxşı ki, heç olmasa bu qızı var... Yoxsa məscidə, onu yumağa kim gedəcəkdi?.. İçini çəkib qəfəsli pəncərədən çölə baxdı. Hava hələ də açılmırdı... Günəş batırdı, ya çıxırdı, bilinmirdi… yenə vaxtı tuta bilmirdi...
– Zəng vurduz Kərimə?...
– İndi gələcək...
Bunu, deyəsən, qızı dedi. Hamıdan yaxında o dayanmışdı, əllərini qoltuğuna vurub ona baxa – baxa o da gözləyirdi... Sonra mədəsinin içi kəsici ağrılarla göynəməyə başladı və o, fikirləşdi ki, görən qızı doğrudan zəng vurub Kərimə, yoxsa onun başını aldadırlar, vaxt udurlar?.. Sonra yenə elə bil yuxuya getdi... Yuxuda Kərimi gördü… Gördü Kərim yanında əyləşib, qarnını sığallayır... sığallaya-sığallaya gülümsəyir... əyilib qulağını qarnına qoyur, sevincini bir təhər cilovlaya - cilovlaya:
– Təpik atır... – deyir... O da sevincindən, fərəhindən az qala qanad açıb uça-uça:
– Sən demə, azarım buymuş?!.. – deyir – Boyluymuşam demək... – deyib gülməkdən uğrunur... Kərim də gülüb özündən gedir. Sonra çönüb, hələ də kədərli üzlərlə onlara baxan uşaqlarına:
– Sizə nə deyirdim?.. Deyirdim axı, Kərimi çağırın... Dərdimə bircə o əlac edəcək...
Uşaqları isə elə bil onu eşitmədilər... üzlərinin qara kölgəsi çəkilib getmədi... Onda o, ürəyi hələ də sevincindən çırpına - çırpına Kərimə:
– Demək ona görə qarnım bu boydaymış... Deyirəm axı... Həkimlər də elə iynəyirlər məni, yüz cür dərman tökürlər qarnıma...
– Nahaq... çox nahaq... - Kərim – deyib ayağa qalxdı – Sən özünə bax... gör bir saçların nə haldadı...
– Güz... günü... – deyib susdu... hiss elədi ki, yuxudan ayıldı... boğazına dolan acı qəhəri zorla uddu... Bu nə əzab idi, çəkirdi?... Niyə ölüb qurtarmırdı?.. Kərim – keçmiş tələbə yoldaşı hardan gəlib girmişdi yuxusuna?...
...Böyük oğlu onun balaca əl güzgüsünü ağzının lap yaxınında elə tutmuşdu, elə bil nəfəsini yoxlayırdı. Güzgüdə gözü sataşan sarımtıl üzlü, qaraqabaq qadın tanış gəldi ona...
– Saçımı dara... – deyib yenə harasa aşağı getdi… sonra
kiminsə, balaca cib darağıyla ehmal-ehmal saçını daradığını hiss elədi... sonra deyəsən qızı idi… boynuna, saçlarına ətir vurdu... Ətirin iyindən kövrəldi, gözləri doldu... Yadına, geyinib-keçinib, əirlənib işə, dükan – bazara getdiyi xoşbəxt günləri düşdü... Səsi gəldikcə qışqırıb haray salmaq istədisə də, astadan:
– Ay bala... – deyib pıçıldaya bildi.
Uşaqlarının hansısa ona sarı əyildi... onun qulağına:
– Ağla, bala... – pıçıldadı.
– Niyə ağlayım?.. – kimsə lap yaxından dedi.
– Ölürəm...
– Yenə başladın ana?...
...İstədi var gücüylə ulayıb desin ki, «bəsdi, artistlik elədiniz, saxta-saxta oyunlar qurdunuz, ağlayın ki, mən də rahat ölüm... ölə bilmirəm axı...» Amma bütün bunları deməyə güc lazım idi... nəfəs lazım idi... Nəfəs yolu isə getdikcə daralıb, nazilib iynə dəliyi boyda olmuşdu... Havasızlıqdan gözləri qarala-qarala fikirləşdi ki, axı niyə bunların heç birinin ona ürəyi ağrımır, niyə ağlaya bilmirlər?!.. Ona ki, bu dəqiqə lazım olan bir şey vardısa, o da, onların göz yaşları idi…
- Ağlayın… bircə qırıq... dedi və yenə otağın işığı azalmağa başladı... Hər şey qəribə bir çəkisizliklə yoxa çıxırdı... Hardansa yuxarıdan üstünə, ağır, qara qapağabənzər dumanvari nə isə çökürdü elə bil... Qara kəlağayıydı, ya tabut qapağıydı?.. Özüdü ki, var, tabutun qapağıydı. İndi bağlayıb mıxlamağa başlayacaqdılar, çəkicin tıqqıltısı beyninə düşəcəkdi...
– O... oy!!!...
Bu qışqıran, deyəsən, özü idi... Olsun ki, daha ölürdü...
...Sonra qəfildən, hardansa mədəsinin altından tutan ağrıdan axır ki, yenə boylu olduğunu başa düşdü... Başa düşdü neyləməlidi... Gücənib, başı artıq çanağına dirənən körpəsindən azad olmalı - doğmalıdı... Ayaqlarının, əl barmaqlarının ucundan başlayan bu kimi soyuq keyimə qıçlarının, qollarının içiylə bütün bədənini sarıdı... İçində yeganə diri olan əzasını - körpəsini sıxışdırıb mədəsinin altına yeritdi... sonra özü də fikirləşmədən, hazırlaşmadan, qarnının, sinəsinin, hülqumunun əzələləri az qala çatlayanacan gərildiyini hiss etdi... Vahimədən, ağrıdan titrədə-titrədə, başına, ağzına qan dola – dola var gücü ilə bir müddət gərilə – gərilə qaldı… sonra gözlərinə zülmət qaranlıq çökdü… Deyəsən öldü… Bir müddət çəkisiz qaranlığın içiylə toz zərrəciyi kimi hərləndi və elə bil yoxa çıxdı… yoxsa harasa kənara sıçradı?..
Doğulan - körpə idi, ya özü idi, anlaya bilmədi... ha yanasa axdı... sonra uşaqlarıyla bir köməkləşib, sarımtıl, cansız bədəni ilə yataqda uzanıb, ölü bəbəklərlə harasa uzaqlara zillənən kök qadının gözlərini, çənəsini bağladı, üstünə, çəhrayı dumana bənzər örtük çəkib, bir müddət də o çəhrayılığın üstüylə üzdü... yoxsa uçdu, ya axdı?.. Böyür-başıyla üzən işıqlı zərrəciklərlə bir, hava, yoxsa işıq axınıyla axa - axa dağıldı... Tək baca bir zərəsi ilə, yataq otağının güzgüsünə sancılmış, əli çənəsində, gülümsər üzlü qadını tanıdı…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
6 Декабрь 2007 г.
на 9:53
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий