Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


четверг, 14 апреля 2011 г.

O MƏNİ SEVİR…

(iki hissəli qurtuluş cəhdi)


İŞTİRAK EDİRLƏR:



Ayom - hərəkətləri yaydan atılan oxu, göydə iti sürətlə axan od parçasını andıran, insandan çox, canavara bənzər, peşəsi və yaşı naməlum
qadın.

Ayna - nə iləsə Ayoma bənzəyən, üzü və hərəkətləri hansısa, ev quşunu andıran, yaşı və
peşəsi naməlum qadın.

Abd – yaşı və peşəsi bilinməyən ucaboy məxluq.

Naməlum kəs - dirijor, yaxud lakey kostyumunu andıran ağ-qara geyimli,
üzü ağ-qara qrimli əcayib məxluq.


PROLOQ



Bilinər-bilinməz aramlılqla hərlənən yarıqaranlıq, sferik məkan. Məkanın bir tərəfində - alabəzək jurnal mizi, mizin üstündə, müasir dəbli telefon və stolüstü lampa görünür. Bu, Aynanın yeridir.
Məkanın əks tərəfində - şəffaf jurnal mizi, mizin üstü sahmansız halda qalaqlanan kağızlarla doludur. Burda telefon da, stolüstü lampa da, jurnal mizinin davamı tək, şəffafdır. Bu, Ayomun yeridir.
Məkanın tən ortasında tavandan, hər iki məkanı bir - birindən sərhəd kimi ayıran elektrik şnuru, şnurun ucundan asılmış lampa diqqəti çəkir.
Aynanın yanında Abd görünür. Onun oturduğu, ya ayaq üstə dayandığı, yoxsa, hardansa asıldığı, daim dəyişən işıq və kölgə əvəzlənmələrində anlaşılmır.
Ayom - üzü tamaşaçılara, Ayna - arxası tamaşaçılara əyləşib.
Əvvəlini eşitmədiyimiz söhbətlər - boşluğu, hava sovrulmasını andıran sirli səslərin fonunda gedir.



Ayom: (çaşqın) …bu… mənim günahım deyil. Günah onlardadı. (səsi enir, tamaşaçılara) Mənim ağlıma da gəlməzdi ki, onlar… (fikrə gedir)
Ayna: (təmkinlə) Yenə şişirdirsən. Bu, sənin çoxdankı adətindi. Bu cür adlı-sanlı, hörmətli qadın belə balaca, əhəmiyyətsiz bir şeydən ötrü bu qədər…
Ayom: (sözünü kəsir) Yox, məsələ onda deyil. Məsələ bundadı ki… (əsəbi gülüşlə) …mən onu orda saatlarla gözlədim?! Dəhlizdə!..
Ayna: (sakit) Nolsun ki?.. Burda nə var axı?..
Ayom: (onu eşitmir, vahimə içində) …Bir ordu adamın içində!…
Ayna: Yenə başladı. Yenə adamlar… Yenə ordular… Sənin əzəli və əbədi xəstəliyin. Axı o dəfə danışdıq, aydınlaşdırdıq axı, biz hamımız insanıq. Sən də, mən də.
Abd: Mən də… adamam.
Ayom: (onu eşitmir) …Sən bir təsəvvür elə: mən gözləyirəm… arada bir qapını açıb: “Noldu, hələ çox qalıb?..” - deyirəm. Onlarsa, “Gözləyin…” - deyirlər. “Gözləyin”, vəssalam. Mənsə… (qəfildən sanki boşluğa düşür, qollarını bədəninə dolayır, vahimə içində) orda… o qədər adamış içində… o qorxunc adam axınında o qədər gözlədim ki…
Ayna: (bezgin) Sən yenə başladın?.. Yenə məni üzürsən.
Ayom: (onu eşitmir, ovsunda) …az qaldım öləm… Böyür-başımdan adamlar ötür… mən tədricən harasa, ha yanasa sovruluram… ha tərəfəsə çəkilirəm… (səsi enir, vahimə içində tamaşaçılara) Yan-yörəmdən müxtəlif ölçülü, cücüyə, bitkiyə bənzər adamlar keçir… düymə gözlərini üzümə zilləyirlər…
Ayna: (Ayomun təbiri ilə) «Zilləyirlər!» Bəlkə deyəsən: (məlahətlə) «baxırlar», «nəzər salırlar»?..
Ayom: (onu eşitmir, qəfildən həyəcanla) Onlar mənim böyrümdən yox… (əlini mədəsinin üstünə qoyur) …bax burdan keçib gedirlər…
Abd: (kədərlə boşluğa) Ordan adamlar keçir…


Pauza. Nəyinsə burulduğunu, dağılmaq, sökülmək ərəfəsində olduğunu andıran sirli səslər… Ayna əzab içində qulaqlarını, başını qapayır. Ayomun dedikləri getdikcə güclənən səslərin içində eşidilməz olur.


Ayna: (az qala ağlaya-ağlaya) Yenə o sözlərdən deyirsən. Niyə belə eləyirsən?.. Mənə qənim kəsilmisən, nədi?.. (yazıqlaşır) Axı bilirsən, onlardan qorxuram. O dəfə dedim axı sənə!.. (xoflu) Sənin bu xəstəhal sayıqlamaların məni əldən salıb!.. Dediklərin… (sözünü kəsir, qəfildən nəyisə anlayır) Yox-yox, səsin… Sənin səsin… (üzü, harasısa ağrıyırmış kimi büzüşür) …daim mənim ha tərəfiməsə… (bədəni boyu nə isə axtarırmış kimi) …ilişib qalır. Sonra o biri günlər… ta o biri günlər, elə hey ha tərəfimdənsə bitir. Zəhərli göbələklər kimi… yara kimi!..


Ayna danışdıqca, Ayom ayağa qalxır, aramla Aynaya sarı yeriyir. O, yeridikcə, tədricən Məkana sirli qaranlıq çökür. Ha tərəfdənsə sızan zəif işıq seli.
Ayna dəstəyi yerinə atıb ayağa qalxır. Əcayib səslər.
Qadınlar işıq selinin bərqində nəyinsə, haranınsa astanasında dayanan tək, üzbəüz dayanırlar.


Ayom: (əli mədəsində) Onlar burdan keçirlər!.. Bir - bir!… Növbə ilə!..
Ayna: (vahimə içində Ayomu özündən kənara itələyir, qəfildən kəskin) Mənə nə?..
Ayom: (çaşqın) Sənə nə?..
Ayna: (daha sərt) Bura bax, nə istəyirsən məndən, hə?.. Nə vermisən mənə, ala bilmirsən, hə?.. Niyə məni yaşamağa qoymursan?.. Axı mən…
Ayom: (Aynanın yaxasından yapışır) Sən… nə dedin?.. Səni yaşamağa qoymuram?!
Ayna: Bəli!.. Qoymursan!..


Qadınlar işıq bərqində əlbəyaxa olurlar.


Ayom: (Aynanı fəndlə yerə sərib sinəsində oturur) Sən… mənimlə heç vaxt belə danışmırdın. İndi noldu, hə?.. Özünü nə hesab elədin?..
Ayna: (Ayomun altında vurnuxur) Burax məni!.. Sən xəstəsən!.. Ruhi xəstə!.. Bunu özün də bilirsən!.. Hə-hə… bilirsən!.. Məni də öz gününə qoymaq istəyirsən!.. (qəti) Amma alınmayacaq!..


Abd ehmal addımlarla qadınlara yaxınlaşıb onları ayırmaq istəyirsə də, vurnuxmanın sehrinə düşüb özü də onlara qoşulur. Hər üçü əlbəyaxada vurnuxur. Qadınlardan hansı birisə Abdı kənara itələyir və kənara yıxılıb döşəmə boyu dığırlanır.


Abd: (əzilmiş çənəsini ova-ova, yazıq-yazıq) Belə olmaz axı?!.. Qaydaları pozmaq olmaz!..
Ayna: (vurnuxur) Adama neçə dəfə deyərlər, o sözləri demə mənə!!! “Burdan adamlar keçir, orda çaqqallar ulayır…” Nəyimə lazımdı, hardan kimlər keçir?!.. Və ümumiyyətlə! (Ayomu üstündən itələyib ayağa sıçrayır) Bəsdir daha!.. Nə vaxta qədər məni bu (Ayomun təbiri ilə) “izaholunmazlarınla” yoracaqsan?..
Ayom: (sıçrayıb yenidən onun yaxasından yapışır) Yoracağam?.. Ah demək, belə!..
Ayna: (üsyankar) Bəli!.. Sən məni yorursan!.. Mən yorulmuşam!.. Bezmişəm!..
Ayom: (əsəbi və çaşqın) Bezmisən?.. Axı mən… Axı sən… Sən ki, özün… Həmişə özün deyirdin ki… (əl atıb Aynanın xirtdəyindən yapışır)
Ayna: (vurnuxur) Nə deyirdim?.. Nə deyirdim axı??
Ayom: (qəddar səslə) Deyirdin: «yaşaya bilmirsən». Bəli-bəli, sən bunu deyirdin!.. Özü də dəfələrlə!..
Ayna: (vurnuxur) Deyirdim, deməmiş olum!
Ayom: (nəfəsi təngiyə-təngiyə Aynanı boğmağına davam edir) Deyirdin: «həyat başdan-başa mənasızlıqlarla doludur, sən bu mənasızlıqlar dəryasında boğulub ölüsən… səhərlər, robot kimi işə gedirsən, axşamlar gözünü döyənək eləyən evinə qayıdırsan, hər günkü dadsız yeməklərdən yeyib qarnını üfürdürsən, sonra da yerinə girib yuxuya getməyini gözləyirsən... (Aynanı silkələməkdən usanıb kənara itələyir, ovsunda, öz-özünə) Səhəri gün də elə… o biri gün də həmçinin… (tamaşaçılara, ovsunda) …Yuxuda da eləcə... İşə gedirsən, evə qayıdırsan… yeyirsən, yatırsan, yenə işə gedirsən, yenə evə qayıdırsan, yeyirsən, yatırsan, sonra yenə işə gedirsən, yenə evə qayıdırsan… əl-ləri-ni sabunlayırsan… yerinə girib yuxuya getməyini gözləyirsən… səhəri gün yenə, o biri gün də elə…

Abd ehtiyatla Ayoma yaxınlaşır, onun çiyinlərindən tutub kreslosuna sarı aparmaq istəyirsə də, yerindən tərpədə bilmir.


Ayna: (ovsuna düşür) …və bütün bu yeknəsəqliyin içində başını itirirsən…
Abd: (Aynaya, sərt) O olmayan başını!..
Ayom: (hələ də ovsunda) …bu mənasız məzmunsuzluqdan usanıb əldən düşürsən... boğulub ölürsən… (qəfildən ayılır, Aynaya, sərt) İmdad diləyirdin!..
Ayna: Kim, mən?..
Ayom: ( sərt) Bəli, sən!.. (çönüb iti addımlarla yerinə qayıda-qayıda, qəhərlə) Mənsə, səni özüm bildim. Yazığım gəldi. Gör bir, kimə yazığım gəlib?!.. Şüursuz, düyğüsüz müqəvvaya! (qəfildən geriyə, Aynaya sarı çönür) Yox-yox, cansız, soyuq güzgüyə!..


Ayom Aynaya baxa-baxa, müxtəlif pozalar alır. Ayna biixtiyar halda Ayomun hərəkətlərini təkrarlayır.


Ayom: Ay yazıq… Amma unutma: kənara çəkilsəm, bir ki, heç nəsən!..
Abd: (əsəbi halda Aynaya) Bəli, heç nə!..


Möhtəşəm qapı cırıltısı... Hər üçü, səs gələn səmtə boylanır. Pauza. Cırıltı səsi əcayib musiqi ilə əvəz olunur. Ayna başını aşağı salıb, müti yerişlə yerinə qayıdır. Abd harasa, geriyə çəkilərək, gözdən itir...
Ayom ovsunlu halda nə isə axtaran tək, Məkan boyu vurnuxur.
Onun bu vurnuxmasından Məkanın özü də əsib yırğalanmağa başlayır…
İşıq avazıyır və sönür.







BİRİNCİ HİSSƏ





Məkana qaranlıq çöküb. Qaranlıqda, telefonla danışan çoxlu adam səsləri eşidilir. Sözlər anlaşılmasa da, nəyinsə mübahisəsi, gərgin araşdırmaların getdiyi hiss olunur. Danışıqlar tədricən vəhşi kakafoniya halına çatır və bir adamın çığırtısıyla bitir.
Çığırtının kuliminassiya nöqtəsində heçlikdən Abd peyda olur və səslər kəsilir.
Məkan tədricən işıqlanır.
Qadınlar hərə öz yerində oturub telefonla danışırlar. Danışdıqca, hər biri öz lampasını yandırıb-söndürür.


Ayna: (əsəbi) …Sənin son hərəkətlərin… (səsi qəfildən dəyişir) Başa düşürəm, belə adamlar var. Elə adamlar var ki, onlar hər şeyi bir qədər fərqli görürlər. Yəni hamının görə bilmədiyi kimi. Bu, əlbəttə ki, özünə görə bir xoşbəxtlikdi. Bəlkə də səadətdi…
Ayom: Nə?..
Ayna: Sənin kimi yaşamaq. Bütün bu mənasızlıqlardan kənarda. Elə bil guya burda, əslində isə… (söz axtarır) …hardasa, tamam ayrı bir yerdə. (qəfildən yazıqlaşır) Amma axı mənim günahım nədi?.. Mən ki, sən düşdüyün… ya qalxdığın o yerlərə qalxıb-düşə bilmirəm?!.. Sadəcə, gücüm çatmır. Daha doğrusu mən… qorxuram…
Ayom: (ayılır) Qorxursan?.. Nədən?..
Ayna: (bir müddət içində tərəddüdü edir, sonra lap astadan) Səndən...
Ayom: (gülürsə də, qəfildən ciddiləşir) Məndən?..
Ayna: Son vaxtlar sən tam başqa bir adama çevrilmisən… elə hərəkətlər eləyirsən ki, buna… (susur) Heç bilmirəm, buna nə ad vermək olar?.. Dəlilik?.. Yox, bu dəlilik deyil.
Ayom: (fikri lampada) Nəyi deyirsən?..
Ayna: O günkü məclisi deyirəm. Yubileyi. Əvvəllər deyirdin, adam arasında özümü, zəhərli cücülərin arasındakı kimi hiss edirəm… hər məclisdən sonra düz bir həftə çirkli su udmuş kimi, xəstə yatıram. Bəs o günkü nə idi?!.
Ayom: (duruxur) O günkü?.. Hansı günkü?..
Ayna: Ötən həftədəki ad gününü deyirəm. Yaxın dostumuzun yubileyini. Akademiyada. Orda ki, dediyin o «cücülər» yox idi?!.. Sənə məhrəm adamlar idi. Bir də ki, mən səni ora zorla aparmamışdım?!.. Məni niyə o vəziyyətə saldın?..
Ayom: Nə vəziyyətə saldım?.. Orda nə baş verdi ki?
Abd: (ləzzətlə boşluğa) Boğulub öldü!
Ayna: (Abda məhəl qoymadan) Nə baş verdi?.. (əsəbi gülüşlə) Yadından çıxıb da, hə?..
Ayom: Yox, niyə ki?.. Yadımdadı… (xatırlayır) mən gur işıqlı salona daxil oldum… təzə xiyar iyi gəlirdi…
Ayna: (kinayə ilə) Yadında elə bircə bu qalıb?..
Ayom: (qorxu içində) Orda… mən nə isə elədim, hə?..
Abd: (boşluğa, ləzzətlə) Hamının üzünə tüpürdü…
Ayna: Elədin də sözdü?.. Məclisin şıdırğı yerində… (tamaşaçılara) Heç yubilyara söz verilməmişdi, (Aynaya) elə bil sənə, üzr istəyirəm, biz batırdılar!.. Qəfildən sıçrayıb ayağa qalxdın. Boyun da ki, maşallah, baxmayanın da gözünə girir.
Ayom: (əsəbi halda öz-özünə) Mənim bu boyum… (susur, qəfildən çaşqın halda tamaşaçılara) Elə bil ötən ildən bura o bir az da uzanıb. (təşvişlə) O, niyəsə ildən-ilə uzanır. Görəsən niyə, hə?.. Niyə uzanır?..
Abd: (boşluğa) O, böyüyür!..
Ayna: (heç birini eşitmir) Mən… dişim bağırsağımı kəsir, bilmirəm neyləyim, səni saxlayım.. Nə danışırsan, səni saxlamaq olar?.. (susur, səsi dəyişir) Sən gedəndən sonra hamı bilirsən nə dedi?..
Ayom: Nə dedi?..


Ayna bir müddət başını yelləyə-yelləyə susur.


Abd: (əsəbi) De də!..
Ayna: (nədənsə peşman olmuş kimi, nəfəsini dərir) Səndən sonra heç kim heç nə demədi. Hamı mat-məəttəl bir-birinin üzünə baxa-baxa qaldı ki, yəni bu qadın niyə belə eləyir görən, hə?.. Dəlidi bu, nədi?.. Sözünün canı nədi?..
Ayom: Sözünün?.. (təlaş içində) Məgər… mən orda nə isə dedim?..
Ayna: Elə məsələ də ondadı ki, heç nə demədin!.. Yolunu azıb muzeyə girən zürafə kimi döyüküb qaldın. Üstəlik, bu azmış elə bil, məclisi pozdun!..
Ayom: (sarsılmış) Məclisi pozdum?.. Axı… mən neylədim?..
Abd: (Aynaya) Canına azar elədi!
Ayna: Daha neyləyəcəkdin?.. Məclisi dağıtdın.
Ayom: Dağıtdım?..
Abd: (ləzzətlə boşluqlara) O dağıdıcıdır!..
Ayna: Sən gedəndən sonra bilirsən nə oldu?..
Ayom: Nə oldu?..
Ayna: Ortaya pərt düşdü. Hamı çaşbaş qalıb özünü itirdi.
Ayom: Axı niyə? Mən ki...
Ayna: (sözünü kəsir) Yubilyar hönkür-hönkür ağladı!.. Səhəri gün isə… (susur, özünü toplayıb hüznlə) …düşüb öldü!..


İşıq dəyişir. Sirli səslər. Hardansa uzaqdan təlaşlı kütlə səsi eşidilir: «Ona nə olu?..» «Ona nə isə oldu?..» «O öldü?..» «Öldü!..» «Öldü!!!»..


Ayom: (səsi səslərə qarışır) Öldü?.. Öldü?.. Axı… niyə?..


Məkana sakitlik çökür.


Ayna: (qəddar hakim səsi ilə) Bunu səndən soruşmaq lazımdı!.. Mən ki, nə qədər elədim, səni saxlaya bilmədim?!.. (səsi əks-səda verir) Sən zəncirdən qırılmış vəhşi cöngə kimi…
Abd: Meteor kimi…
Ayna: …özünü çölə elə atdın, (əsəbi gülüşlə) elə bil kimsə dişlədi səni!
Ayom: (diksinir) Dişlədi?.. (susub fikrə gedir, qəfildən nə isə yadına düşmüş kimi) Hə! Yadıma düşdü! Məni orda kimsə dişlədi…


Ayna ilə Abd mat-mat bir-birinə baxırlar.


Ayom: (müqəssir halda) Amma, axı mən... (mədəsini ovuşdurur) Mən ki, ordan barmaqlarımın ucunda çıxdım?!.. Heç kəsə mane olmamaqdan ötrü. Heç kəs də bilmədi…


Əcayib səslər. Məkanın dərinliyindən, çiyinlərində tabut, bir neçə adam keçir.


Abd: (tabut aparanlara, hüznlə) Allah rəhmət eləsin. Behiştlik olsun. (işgüzar) Tələsməyin. Ehtiyatla. Bir az yuxarı. Sağa-sağa. Bax belə…
Ayna: Heç kəs bilmədi?.. Sən… (əsəbi çılğınlıqla söz axtarırsa da, qəfildən susur, sonra sərt) Sənə görə adam ölüb!.. Özü də bu, öz aramızdı, birinci hadisə deyil. (məkrlə) Sən elə dağıda-dağıda, öldürə-öldürə gedirsən!.. Buna, əfsuslar olsun ki, daha heç cür “təsadüf” adı qoymaq olmur!..
Ayom: Mən… (ayağa qalxır, çaşqın halda tabut daşıyanlara) …bunu istəmirdim!.. (susur, səsi enir, tamaşaçılara) Bu, mənim günahım deyil. Günah onlardadı!.. Bunu onlar özləri edir. Bilmirəm, qəsdən… yoxsa, özləri də bilmədən. (yerinə qayıdır, dəstəyə) Bax, o yubilyar da. Elə bilirsən, onu mən öldürdüm?..
Abd: (boşluğa, qürurla) Yubilyarı o öldürdü...
Ayna: (onu eşitmir) Yox axı, nə qədər olar?.. Sənin hər hərəkətin… (qəfildən susur, ovsunda) Yox, səsin! Sənin səsin hər yerdə çaxnaşmalar yaradır!.. Hər şeyi, hər yeri alt-üst edir. İnsanlar tələf olur!!..
Abd: Onu yaxına buraxmaq olmaz. Yaxın məsafələrdə o daha təhllükəlidir. (qəfildən yazıqlaşır, üzünü qapayır) Həm də, onsuz yaşamaq mümkün deyil... Onsuz, hər şey maraqsız və cansızdı…
Ayom: (heç birini eşitmir) Yox axı, sən bir mənə qulaq as. Bilirsən, o niyə öldü?.. Yubilyarı deyirəm. Çünki… (söz axtarır, qəfildən nə isə anlayıb susur, amiranə) Çünki o… O özündənrazı, miskin şöhrət xəstəsi... (pauza) Orda o hər şeyi qəfildən anladı!...
Ayna: Bəli də, yenə başladı. Nəyi anladı?.. Nəyi?
Ayom: (ovsunda) …O təntənənin özündən qat-qat böyük olduğunu… o qorxunc təntəyə, o lüzumsuz təmtərağa tab gətirə bilməyəcəyini… (sirli səslər) Odu ki, öldü. (qəfildən yuxudan ayılan tək, işgüzar) Hə, özüdü ki, var. O, öz miskinliyindən öldü.
Abd: (tabutun ardınca) Miskin köpəyoğlu!..
Ayna: (müəllim təbiri ilə) Bilirsən, əzizim, mən sənə görə deyirəm. O xətəhal marağı insanlarda sən özün yaradırsan. Bilmirəm bilə-bilə, ya bilməyə-bilməyə. Sonra da gileylənirsən ki: “mənə elə baxdılar”, “mənə belə baxdılar”, nə bilim, “üstümə elə yeridilər”, “qarnıma belə girdilər…” Mənim yaxama keçirsən.
Ayom: Məgər elə deyil?.. Yadından çıxıb yoxsa?.. (ovsunda, tamaşaçılara) Hamının mənə sarı, uçuruma sarı yeriyən tək, yerimələrini deyirəm!.. Burdan… (əlini mədəsinin üstünə qoyur) keçməkdən ötrü növbəyə durmaqlarını deyirəm... (qəfildən qəhərlə) Sən ki… Sən özün bundan dəhşətə gəlirdin ki?!.. Yadından çıxıb yoxsa?..


Ayna danışdıqca bloknotun səhifələyir, bəzi səhifələri qoparıb ovcunun içində xışmalayır və yerə atır. O atdıqca, Abd onları ehtiyatla yığır, hamarlayıb üst-üstə qoyur, qəfildən dəyişilir, qəribə şövqlü addımlarla Aynaya sarı yeriyirir, onun qarşısında dizi üstə düşüb əllərini, dizlərini ehtirasla öpməyə başlayır. Ayna danışa-danışa onu üstündən çırpır.


Ayna: Sən… (söz tapmır) Bilirsən, ümumiyyətlə axır vaxtlar, sən özündən bilmirəm, nə düzəldirsən.
Abd: (əsəbi, Aynaya ) O, bilir. (Ayoma yaxınlaşıb başını mərhəmətlə sığallayır.)
Ayna: Adam-adama baxar da. Yaraşıqlı qadınsan. Kifayət qədər məşhursan. Hamıya, o cümlədən qadınlara da, yaraşıqlı və maraqlı olan nəyəsə baxmaq zövq verir. Burda nə var axı?..
Abd: (boşluğa) Burda o var…
Ayom: Sənin bu miskin diaqnozlarından ürəyim bulanır.


Abd yumruğunu qaldırır, Ayna yayınır.


Ayna: Ürəyin bulanır?..
Ayom: Burda məgər söhbət yaraşıqdan gedir?.. (səsi enir, qanıqara) Məşhurluğun bura nə dəxli?.. Burda… (qəfildən nə isə eşidən kimi üzü işıqlanır) …burda…
Abd: (Ayomun təbiri ilə) …nə isə ayrı mətləb var…


Sirli səslər.. Uzaq boşluqlardan hava sovrulmasını andıran möhtəşəm Nəfəs eşidilir… Ayom ehtizaza gəlir, ovsuna düşmüş kimi hərəkətsiz qalır.
Ecazkar səslər… Ayom görünməz Kiminləsə təmasdan qəribə sərxoşluğa düşür.
Ayna ilə Abd sarsılmış halda bu səhnəni izləyirlər.


Ayna: (ovsunda) Ayrı mətləb?.. Bu… (söz axtarır)
Abd: (gözü Ayomda) …izahı olmayan sirrdi…
Ayna: (hələ də ovsunda, gözü Ayomda) Heç kim də sənin qarnına girmək istəmir. Bu xəstəhal fikirləri də birdəfəlik başından at!


Ayom anlaqsız halda ha yanasa söykənib qalıb... Abd namaz qılır.


Ayna: (qəfildən ayılır, nə isə kəşf etmiş kimi, Ayoma) Onlar… adamları deyirəm, sadəcə… (söz axtarır) Sadəcə, sənə can atırlar!..
Abd: (göylərə) Can atırlar!..


“Can” deyən müxtəlif səslər məkanı bürüyür.

Ayom: (ayılır, vahimə içində) Can atırlar... Can… Can… (“can” sözü böyüyür və çoxalır) Onlar canlarını mənə atırlar… (qəfildən ayılır, Aynaya) Bunu hardan bildin?..
Ayna: Nəyi?..
Ayom: Onların, adamları deyirəm… öz canlarını mənə atdıqlarını!..
Ayna: Bunu bilməyə nə var?.. (rişxəndlə) Böyük işdi.
Abd: (rişxəndlə) Bu, böyük sevgidir!.. Xalq sevgisi!!!..


Hansı uzaqlıqlardansa qorxulu çoxluqla, xorla «can!-can!-can» deyən kütlə səsi eşidilir.


Ayom: (qanıqara) Sevgi?.. (susur, sakit etirafla) Məsələ elə də sadə deyil. Onlar mənə elə-belə baxmırlar…


Sim qırılmasını andıran səs… “sən!..”, “yox!..”, “biz!..”, “mən!..” “aç!..”, “o!..”… deyən səslər, qırıq kəlmələr eşidilir...


Ayna: (dəstəyi kənara çəkir, nifrətlə) Allah… “Elə baxmırlar”, “belə baxmırlar…” (dəstəyə) Necə baxırlar axı?..
Ayom: Onlar... (ovsunda, Məkanın tən ortasındı təslim olan tək, diz çökür) həmişə nə isə istəyirlər.
Ayna: Nə isə istəyirlər?.. Qəribə söz danışırsan. Onlar səndən nə istəyə bilər axı?.. Ev, maşın, yoxsa vəzifə?.. Bir də… (susub ikrahla Ayoma baxır) Sən kimsən axı?..
Abd: (Ayoma baxır, rəhmlə) Onlar ondan keçmək istəyir…
Ayom: (heç birini eşitmir) …Bu, həmişə belə olub. Onlar öz qırmaqlarını atırlar… (hansısa görünməz qırmaqdan yayınan tək, oturduğu yerdə gah sağa, gah sola, gah aşağı əyilir) …mən yayınıram. Onlar atırlar, mən yayınıram…
Ayna: Yenə başladı!.. Hansı qırmağı deyirsən?.. (dəstəyi yerinə qoyub ayağa qalxır, Ayoma yaxınlaşıb dizi üstə oturur, onun dizlərinə dirsəklənib mülayim səslə) Axı niyə hər şeyi bu qədər qəlizləşdirirsən? Qırmaq nədi? Mən heç nə başa düşmürəm. İnsanlar sadəcə… (söz axtarır) …darıxır. (tamaşaçılara) Bəli-bəli, hamı darıxır. (Ayoma) Bunu özün deyirdin ki, həmişə. Deyirdin, əslində ailələr də buna görə qurulur, idarələr də buna görə işləyir… siyasət də, dövlət işləri də, bütün idman yarışları da əslində, buna görə yaradılıb. İnsanlığın böyük Darıxmaq azarından qurtulması naminə! (uzaqlara zillənir) Necə deyirdin onu?.. (Ayomun təbiri ilə) «Qurub-yarada-yarada, söküb-dağıda-dağıda, özümüz də anlamadan, darsıqal bir çevrə boyu hərlənməkdəyik... Binəva cücülər işıqda azıb, işığın başına hərlənən tək… Bu, (əli ilə təsvir edir) kiçicik dairəsi olan, qapalı bir çevrədi... (dodaqları büzülür) …hərlənmənin son məqsədi isə işıqdı... özümüzü çırpıb yandırlığımız həmin o işıq... (vahimə içində tamaşaçılara) Bu ki, dəhşətdi?!..


Məkana sirli qaranlıq çökür. Abd əlində şamlar məkana daxil olur qadınların arasnda əyləşir, şamları öz aralarında bölüşdürür.


Abd: (şamları şamdanlarda bərkidə-bərkidə) Bəzən olur ki, insanlar o darısqal çevrədən qurtulmaq istəyir. Özlərini işığa çırpıb yandırmaqdan ötrü sinov gedirlər.
Ayom: (Abdı eşitmir, Aynaya astadan) Sən başa düşmürsən. (susur, sirr açantək) Onlar həmin o işığa çatmaqdan ötrü məndən keçmək istəyirlər. (əlini mədəsinin üstünə qoyur) Bax burdan.
Abd: (tamaşaçılara) Ordan adamlar keçir…
Ayom: (fikirli) Əslində bu, elə belə də olur.
Ayna: Nə olur?.. (vahimə ilə) Yenə nə deyirsən?..
Ayom: (eyni tərzdə) Onlar məndən keçirlər. Bax burdan. (əlini mədəsinin üstünə qoyur)
Ayna: Ora - insanın ən zərif yeridi. Mədəaltı vəz orda yerləşir. Bir qədər solda. O da bilirsən də…
Abd: …insanın sarı simidi…
Ayna: O sim, çox incə və həssasdı. Xüsusən, əsəbi zəif adamları qəribə hallara salır. Bu xəstəliyin adı da var: pankreatit.


Ayom öz şamını mədəsinə tutur və əyilib bir müddət ora, qaranlıq, dərin boşluğun içinə baxan tək, baxır.


Abd: (kədərlə nəfəs dərir) Mən ordan keçmişəm. (tamaşaçılara, ciddi) Orda dəhliz var.
Ayna: (bezgin) Dəhliz?.. Yenə “dəhliz” dedin?..
Ayom: (hövlanak) Dəhliz?.. Sən hansı dəhlizi deyirsən?..
Ayna: Sən… (ah çəkir) yorğunsan. Elə mən də. Dizlərim əsir. (qalxıb yerinə keçir, şamı söndürüb, lampasını yandırır.)
Ayom: Yorğunluğun bura nə dəxli?.. Ordan həmişə adamlar keçir.
Ayna: (qayğılı) Axı ötən dəfə danışdıq bunu?!.. Razılaşdıq ki, yazmağa bir qədər ara verəsən. İndi, o hadisədən sonra sənə nəyinki düşünmək, danışmaq belə olmaz. Qorxutmaq istəmirəm, bu… (susur, hakim səsiylə) xəbərdarlıqdı!.. O günkü o hərəkətini deyirəm.
Ayom: Hansı hərəkətimi?.. Yenə o yubilyar məsələsini?..
Ayna: Yox, ta srağagünkünü deyirəm. Bütün şəhərə vəlvələ saldığın o çıxışını. Bax bu, ciddi xəbərdarlıqdı!..
Ayom: Xəbərdarlıq?.. (ayağa qalxıb, əlində şam Aynaya yaxınlaşır)
Ayna: O anormal duyğularınla, mən cəhənnəm, camaatın evini yıxırsan.
Ayom: Camaatın... (sərt) Nə mənada?.. (çönüb əlində şam, yerinə qayıdır, şamı söndürüb lampasını yandırır.) Necə?..
Ayna: Bunun necəliyi yoxdu ki?.. Sənin o sözlərindən sonra... srağagün Mədəniyyət kanalından yayımlanan çıxışını deyirəm, mənim qapı qonşum… (tamaşaçılara) Sakit, ədəbli bir ailədilər. (Ayoma, qəzəblə) Sənin o anormal danışığıından sonra gəlin bütün evini… (tamaşaçılara) Siz bir təsəvvür edin, evində nə varsa, hamısını!.. Qab-qacağını, pal-paltarını, paltar şkafıqarışıq çölə - həyətin ortasına töküb kibriti çəkmişdi ki, «bu dəqiqə yandıracağam hamısını!..» (hardasa sındırılan qab-qacaq səsi eşidilir) Qonşular zorla saxladılar. Əri... maaşa baxan adamdı, yazıq, az qala, boğub öldürürdü onu!..
Ayom: (həyəcanla) O da öldü??..
Ayna: Yox, o hələ ölməyib. Xoşbəxtlikdən, biz ordaydıq, köməkləşib kişini araladıq ondan. (tamaşaçılara) Deyirəm, bu da işdi, sən Allah? İllərlə işlə, pul qazan, özünə min əzab-əziyyətlə ev-eşik qur, axırda da biri gəlib dağıtsın...
Ayom: (əsəbi) Onun evini kim dağıtdı?.. Bəlkə deyəcəksən, onu da mən dağıtdım?..
Ayna: (soyuqqanlı) Yox, mən dağıtdım.
Ayom: (heyrət içində) Mən?..
Abd: (boşluğa, qürurla) O evi o dağıtdı…
Ayna: Bəli, sən!.. Məgər birinci dəfədi?.. Məgər o qorxunc sözlərinlə, o yoluxucu duyğularınla az evlər dağıtmısan, az adam məhv eləmisən?..
Abd: (tamaşaçılara, peyğəmlə) Bu, onun peşəsidi. Vəzifə borcu.
Ayom: (sarsıntı və çaşqınlıq içində) Mən… Axı mən…
Ayna: (sözünü kəsir) O gün, həmin o gecə bütün ölkə sənə qulaq asırdı. Sən nə deyirdin?..
Ayom: (xof içində) Nə deyirdim?..
Ayna: O nə dəhşətlər idi danışrdın?.. Əşyalar haqqında... Qulaq asdıqca, mən… (vahimə içində tamaşaçılara) …əynimdəkiləri… (əynindəkiləri əsəbi-əsəbi didişdirir, ayaqqabılarını ayağından silkələyib atır) …dərimi soyan tək, soyub atmaq istəyirdim... Axı özün bilirsən. Bilirsən, sözlərin…
Abd: Əsasən də səsi…
Ayna: Hə-hə, ən çox da səsin!.. İnsanlara təsir edir!.. Danışanda, fikir ver, gör nə deyirsən. Bax həmin o gecə… (yadına salır) verilişin axırında yadındadı necə dedin?.. (vahiməli səslə) “Bizləri dörd bir yandan mühasirəyə alan əşyalar ordusu!”


Zəlzələni, tufanı andıran əcayib səslər. Məkana hardansa saysız-hesabsız əşyalar - papaqlar və dibçəklər, süpürgələr və güldanlar, pal-paltar və çemodanlar və sair tökülür, asılır, müxtəlif tərəflərdə kağız güllər pardaqlanır.


Ayom: Əşyalar?!. (yadına salmağa çalışır) Əşyalar…


Nəhəng bufetlər və şkaflar diri hərəkətlərlə Məkana daxil olur, Məkan boyu, görünməz pultla idarə olunan tək, yeriyirlər. Abd Aynanın arxasında gizlənir.


Ayna: (hələ də ovsunda, Ayomun təbiri ilə) «Onlar bizlərdən qat-qat çoxdurlar!.. Öz cansızlıqları möhkəm və əbədidirlər!.. Biz hamımız bu cansızlar ordusunun həbsindəyik!.. Mühasirədəyik!..»


Abd bufetlərə təslim olan tək, əllərini yuxarı qaldırır.


Ayom: (fikirli) Xatırlamıram. (mizin üstünə dağılan kağızlarda eşələnir)
Ayna: Sənin o lənətəgəlmiş sözlərindən sonra hamı öz əşyalarından… (əsəbi gülüşlə) …qorxmağa başlayıb. Mən özüm boğazımdakı şərfi, (tamaşaçılara) …bu bir tikə parça qırığını, yavaş-yavaş, altdan-altdan dartılıb tarıma çəkilə-çəkilə məni boğmaq istədiyi yerdə tutdum!.. (dəstəyə, əsəbi) Bütün bunlar sənin işindi!.. O məsuliyyətsiz danışıqlarının nəticəsidi!..
Abd: O, təhlükəlidi…
Ayna: Hə, mən o təhlükəni hər an hiss edirəm!.. Ələlxüsus da sən susanda. Sən susanda, niyəsə həmişə mənə elə gəlir ki, (tamaşaçılara, vahimə içində) …hardasa… nə isə baş verir…
Ayom: (kağızlarda eşələnə-eşələnə öz aləmində) Əşyalar… Xatırlamıram. (qəfildən nəyisə xatırlayır) Amma yox, olsun ki… (susub fikrə dalır)


Bufetlər və şkaflar tədricən yoxa çıxır. Abd iri süpürgə ilə ortaya tökülən qalan əşyaları süpürməyə başlayır.


Ayna: (həyəcanla) Hə, noldu?.. Niyə susdun?.. Mən bilirəm. Susursansa, demək… (vahim içində) Demək yenə düşünürsən. Yenə təhlükə saçırsan!..
Ayom: (onu eşitmir) Axır vaxtlar hiss edirəm ki… (susur, çaşqınlıq içində) Mən… (tamaşaçılara) …təsir edirəm!
Ayna: Bəs mən nə deyirəm?.. Yoxsa, mənə qulaq asmırdın?
Abd: (süpürə-süpürə) O, heç də hər şeyi eşitmir…
Ayom: (ovsunda) …Bax, elə ki, nə haqdasa fikirləşməyə başlayıram…
Ayna: (sözünü kəsir) Onu demisən.
Ayom: (ayılır) Demişəm?
Ayna: Demisən. Elə ki, nə isə fikirləşəməyə başlayırsan, o dəqiqə hardasa, nə isə hərəkətə gəlir. Ondansa, sən “təsir” məsələsini dəqiqləşdir.
Ayom: (pərt) Məgər mən bunu demişəm?.. Əlimə qələm alıb nə isə düşünməyə başlayan kimi, hardasa, nəyinsə çalxalanıb işə düşdüyünü… möhtəşəm çömçəyə bənzər nəyinsə hərəkətə gəlib hər yanı… (göstərir) …dovğanı bulayan kimi, bulamağa başladığını… demişəm?..


Möhtəşəm karuselin hərlənməsini andıran əcayib səslər. Bu dəli hərlənmənin sürətindən hürküb bağırışan insan səsləri eşidilir. Abdla Ayna duruxub xof dolu üzlərlə bir-birinə baxırlar... getdikcə, onlar da ha yanasa sovrulmağa başlayırlar…


Ayom: (səsi get-gedə yuxarı notlara qalxır) …Telefonun aramsız zənglər çalıb, qapının, divarların, tavanın döyüldüyünü!.. Hamının qəfildən!.. Bir anda!.. Xəstəhal bir yekdilliklə... məni axtarmağa başladığını... (hardansa, uzaqdan aramsız telefon zəngləri, musiqi, rəqs edənlərin ayaq səsləri, sürətli uçuşlarla ötüşən maşın cüyültüləri, haray səsləri bir-birinə qarışır) …qonşuların rəqs edib, qohumların qəzalara düşdüyünü!..
Ayna: (havaya qalxmamaq üçün Abddan yapışıb, vahimə içində) Onu da demisən.
Ayom: (pərt halda susur, sonra qəfildən nəyisə xatırlayıb tələsik) Bəs əlimə qələm alan kimi, hansı deşiklərdənsə çıxıb barmaqlarımın arasına daraşan kürən qarışqaları?.. Bunu da demişəm?..
Ayna: (ayılır, səslər kəsilir) Qarışqa?.. Qarışqanın bura nə dəxli var?..
Ayom: (fikirləri qarışır) Bu, həmişə belə olur. (söz axtarır) Elə bil… (susur, vahimə içində tamaşaçılara) Elə bil mən… hamıyla, hər yerlə necəsə, hansısa görünməz tellərlə bağlıyam!!..
Ayna: (isterik gülüşlə) Görünməz tellərlə?..
Abd: (süpürgəni, qoşalülə tüfəng kimi çiyninə aşırır) Hələ çox şey eşidəcəyik, (harasa yuxarılara baxır) İnşa Allah!..
Ayom: (ovsunda) Hə-ə… görünməz tellər. (tamaşaçılara, qəfildən ayrı səslə) İnanmırsız?.. Bax, əlimi beləcə… (göstərir) …tərpədirəm, (vahimə içində) …bir də baxıram ki, hardasa, o tərəfdə nə isə… Yox!.. (həyəcanla) Nələrsə!.. (səsi enir, pərt) …hərəkətə gəlir!..


Ağır və tərpənməz olan naməlum möhtəşəmliyin cırıltısı…
Abd və Ayna diksinib bir-birinə baxırlar… Abdın süpürgəsi çiynindən açılıb ha yanasa uçur. Aynanın əlindəki telefon dəstəyi, sudan kənara sıçramış balıq kimi çırpınmağa başlayır. O, dəstəyi, əlini yandırırmış kimi yerə atır.


Ayom: (heç nəyə məhəl qoymadan, hələ də ovsunda) …Bu, əsasən mən fikirləşəndə olur. (qəfildən nə isə kəşf etmiş kimi) A-a-a!.. Deyəsən anlamağa başlayıram… Hə-ə, anlayıram… Bu, o deməkdi ki, mən… daha doğrusu, mənim fikirlərim… təsir edir. (səsi enir, heyrət içində tamaşaçılara) Anlayıram… Onların canı var...


İşıq dəyişir. Səslər, möhtəşəm olan Nəyinsə titrəyişini andıran vıyıltılara keçir.
Ayna qorxu içində dizlərini qucaqlayıb qarnına sıxır.


Ayom: (ovsunda tamaşaçılara) Bax, eşidirsiz?.. (sevinclə) Bu, onlardı!.. Mənim fikirlərim!!..
Abd: (ilahi səslə) Eşidirəm…
Ayna: (vahimə içində) Mən də eşidirəm. Yer… Yer titrəyir!!!
Abd: (döşəməyə, sonra yuxarı baxır) O onu sevir!.. (yoxa çıxır)
Ayom: (o yan-bu yanına baxır, nə isə eləməyə hazırlaşırmış kimi, ayağa sıçrayır) Baxın. Bax, istəyirsiz, indi mən… (susub gözlərini yumur)
Ayna: (təlaş içində) Yox-yox-yox-yox!!! (yazıq səslə) Lazım deyil, xahiş edirəm.


Yerin uğultusu çöldən eşidilən yağış səsiylə əvəz olunur...
Ayom özünü pəncərənin qabağına atıb göyə zillənir, qəhərlənib üzünü tutur. Yağışın səsi ilə bir heçlikdən peyda olan Abd da qəhərlənib başını divara söykəyir.


Ayna: (pəncərəyə boylanır) Başa düşürəm. Anlayıram… bu baş-ayaq, anlaşılmaz duyğularınla sən özünü öz evində hiss eləyirsən. Amma axı… həyat bu deyil?!.. Bir də mənim günahım nədi?.. (incik halda tamaşaçılara) Niyə anlamaq istəmirsən ki, bütün bunlar… dəqiqədə bir düşüb-çıxdığın o dibsiz uçurmlar mənim üçün nə qədər dəhşətlidi?!.. Bütün o dediklərin… o izaholunmaz anlaşılmazlıqların məni əldən salıb. (qəhərlənir) Sən anlamırsan… anlamaq istəmirsən ki, məni də ardınca oralara sürüyürsən… Oralar isə mənim üçün qorxuludu!.. Onu sən blərsən harda nə tərpənir… kim qarnından necə keçir… Mənim günahım nədi?..


Ayom hələ də pəncərədən göyə zillənib. Göy aramla guruldayır. Şimşək çaxır.


Ayna: (gurultudan diksinir) Bu nədi belə?.. Eşidirsən?.. Elə bil göy guruldadı. (dəstəyə) Alo?.. Alo?..


Ayom fikrə gedib, əlindəki vərəqi tikə-tikə edir.


Abd: (astadan Aynaya) Səsi gəlmir…
Ayna: Alo?.. Yenə niyə susdun?.. (Ayom fikir içindədir. Yağışın səsi)
Abd: (kədərlə) Səsi gəlmir…
Ayna: (həyəcanla) …Alo?.. Məni eşidirsən?..


Ayom üşüyən kimi, bədənini qucaqlayır.


Abd: (məkr dolu həzzlə) Səsi gəlmir!..
Ayna: (həyəcanla) Alo? (xof içində) Sən… hardasan?..


İldırım çaxır. Ayna diksinir.


Ayom: (boğuq səslə öz-özünə) Mən… danışa bilmirəm…
Ayna: (həyəcanla) Danışa bilmirsən?.. Niyə?.. Sənə nə isə oldu?..
Ayom: İldırım… (ürəyi gedəcəkmiş kimi, üzünü əlləri ilə qapayır)
Ayna: İldırım?.. Sən “ildırım” dedin?..
Ayom: …Şimşək!.. (susur, yazıq səslə tamaşaçılara) O, mənə təsir edir...
Abd: (boşluğa) O, onu sevir… Bunu anlamaq beləmi çətindi?..
Ayna: Sən… yenə?!.. (əsəbi halda) Mən bu qədər deyirəm, danışıram, amma sən… (qəhərlə) Əvvəllər mən elə bilirdim, bizim söhbətlərin, nə qədər olmasa, bir nəticəsi olur. İndi isə görürəm ki, sən demə, sənin ardınca elə hey hansı çevrə boyuncasa hərlənirmişəm… heç hara uzaqlaşmadan, səmtimi dəyişmədən…


Ayom eşitmir, pəncərə şüşəsinə söykənib qalır.


Ayna: (Ayomun hərəkətlərini izləyir) Başa düşürəm, tək qadınsan. Qadın üçün isə təklik…
Ayom: (ayılır) Təklik?.. Sən “təklik” dedin?.. Məgər mən təkəm?.. Bəs mənim ərim… uşaqlarım?..
Abd: (kədərlə, astadan) Onun heç kimi yoxdu. Heç vaxt da olmayıb.
Ayna: Axı onlar səninlə deyil?!..
Ayom: (çaşqın) Mənimlə deyil?.. (dəhşətə gəlir) Sən… nə danışırsan?.. Onlar…
Ayna: Onlar… (nəyisə xatırlayır) Özün demisən ki, bunu?!.. (Ayomun təbiri ilə) “hansısa səskeçirməz, şəffaf şüşənin o biri üzündədilər…” Bunu sən yazmısan. Hekayəndə.
Ayom: Şəffaf şüşə?.. Hansı şüşə?..
Ayna: Onu səndən soruşmaq lazımdı, hansı şüşədi o?..
Abd: (astadan) Qapıdan girəndə sol tərəfdə…
Ayom: O nə dedi?..
Ayna: Şüşənin yerini deyir. Qapıdan girəndə sol tərəfdə.
Ayom: (əyilib ehtiyatla sola baxır) Orda divar şkafıdı.
Abd: (astadan) Uşaqlar ordadı…
Ayna: (qəddarcasına) Uşaqlar hələ də ordadı!.. Görürsən bir?..
Ayom: (təlaş içində ayağa sıçrayır) Uşaqlar?.. Mənim uşaqlarım?..


İşıq dəyişir. İldırım çaxıntıları...
Ayom qaranlıq dəhlizlərlə dolaşır. İşıq bərqində uşaq səsləri eşidilir.


Səslər: …Al, bax… A-a, qopdu… Bax, qopdu!.. Ana… anacan!.. Mənim anam… (ağlamaq səsi) …O özü deyib… Sən dedin, sə-ən!.. Ve-er, o mənimkidi-i-i!!.. Ana-a-a-a!... Anaca-a-an!!! Ay!.. Burax!.. Sən müəllimsən?.. Ana… ana… Özü deyib… Bu, ikincisidi… A-a, o da qopdu…


Ayom görünməz «qapını» açır… Səslər kəsilir.
İçəri qaranlıq zülmətdi, orda bircə Abdın yarıqaranlıq silueti görünür.


Ayom: (sarsılmış halda) Burda heç kəs yoxdu.
Ayna: O sənin işindi. Necə deyirsən, o cür də olur. Bunu da özün demsən.
Ayom: (sarsılmış) Nə demişəm?.. (iztirablar içində) Axı mən nə demişəm?..
Ayna: Ərinin də, uşaqlarının da, həmin o “şəffaf şüşənin” o biri üzündə olmasını. Bəlkə deməmisən, hə?..
Ayom: (ayıq) Məgər mən elə demişəm?..
Abd: (boşluğa) O, bütün dediklərini unudur… Yazdıqlarını da!..
Ayom: (çaşqın halda xatırlamağa çalışır, mizin üstündəki qəzetləri əsəbi hərəkətlərlə qarışdırır) Hə… ola bilsin, demişəm. Amma axı mən… (susur, müqəssir halda tamaşaçılara) …olanı deyirəm?!..
Abd: O, olmayanı da deyir…
Ayom: Onlar… (günah içində) …ola bilsin ki, həqiqətən o üzdədilər…
Ayna: (tamaşaçılara baxır, qalib səslə) Haradı axı o?..
Ayom: O… (söz axtarır) Ora… elə bir yerdi ki… (susur) Ora … (yazıq səslə tamaşaçılara) Orda mən yoxam…
Abd: Əslində o, düz deyir. O burda yoxdu.
Ayna: (çiyinlərini çəkir, Abda) Qəribədi.
Ayom: (qorxu içində) Nə qəribədi?..
Ayna: Onların, uşaqlarını deyirəm… sənin yanında, gözünün qabağında ola-ola, həm də hardasa, ayrı bir yerdə olmasını deyirəm. Sənə deyim, həm də çox təsirlidi.
Abd: (astadan Aynaya) O, onları sevmir…
Ayom: Mənə də elə gəlir.
Ayna: Nə elə gəlir?..
Ayom: Bütün bunlar həqiqətən sarsıdıcıdır. (qəfildən ayılır, özünə bəraət almaq istəyən tək) Amma mən… Axı mən ümumiyyətlə, onları…
Ayna: (bezgin) Onu demisən.
Ayom: Nəyi?..
Ayna: Onları çox vaxt yadından çıxarmağını.
Ayom: Hə, mən onları… (susur) Yox, mən ümumiyyətlə, heç nəyi xatırlamıram…
Abd: (eyni tərzdə) Kim olduğunu da ona görə bilmir…
Ayom: (ovsunda) Uşaqlığımı… ata-anamı… oxuduğum məktəbi… ərə getməyimi… (fikrə gedir, sonra qəfildən ayılır) Elə bil… heç olmamışam…
Ayna: (özünü ələ alır) Bu, adi depressiyadı. Yəni ruh düşkünlüyü. Qırx yaşından sonra qadınlar bu halları keçirir. Yaddaş pozuntusu, darıxmalar, göz yaşları. Mən özüm də bəzən… (məmnun təbəssümlə) səni unuduram… (Abda astadan) Onda elə rahat oluram ki.
Ayom: (onu eşitmir) …Yaxud, indi, bu dəqiqə varam, əvvəlkilərsə… harasa dağılıb itib. Dəli çığırtı qaranlıq sakitliyə dağılan kimi…


Sim qırılmasını andıran səs.


Abd: O, dahidir…
Ayna: Sən darıxırsan. Əlaxüsus da öz evində. Bunu mən həmişə hiss eləmişəm. Xüsusən telefonla danışanda. Evdən danışanda isə sən ümumiyyətlə, elə bil çabalayırsan. Lehmə bataqlıqda çabalayan kimi. Məgər ora bataqlıqdı?.. (qəfildən ayrı səslə) Belə idisə, niyə ərə gedirdin, hə?.. (susur) Camaatın gününü qara eləməkdən ötrü?.. Sənə deyirdim axı?.. Gördün, axır mən deyənlər oldu.
Ayom: Nə oldu?.. Heç nə olmadı. Mən onu sevirdim. Ərimi deyirəm. (dayanır, qəfildən ovsuna düşür) Daha doğrusu, elə bilirdim, sevdiyim odu. Axı mən… (çaşqın halda tamaşaçılara) Bu, həmişə belə olub, bilirsiz?!..
Abd: (divar güzgüsünün qarşısına keçir, özünə baxa-baxa) Zavallı Onu ömrü boyu axtarıb…
Ayom: (eşitmir) …Ərə getməmişdən əvvəl isə mən elə bilirdim anamı sevirəm… (tələsik) Yəni mənə elə gəlirdi ki, sevdiyim - anamdı. Sonra… mən ona rast gəldim…
Abd: Ərini deyir…
Ayom: (səsi bir ton yüksəlir) …və öz-özümə dedim, «bu, odur! Ömrüm boyu sən demə, mən onu sevirəmmiş!
Ayna: Bu da bunun sözü. Görmədiyin, tanımadığın adamı əvvəlcədən necə sevmək olar axı?..
Ayom: (onu eşitmir, səsi enir) Övladım olanda… (üzü gülür) dedim, «hə-ə, bu, o imiş...»
Ayna: Kim - “o”?.. “O” yəni kim?.. Açıq danış!..
Ayom: (qəfildən yazıqlaşır) Bu vaxtacan… sevdiyim...
Ayna: (müstəntiq təbiri ilə) Aha.
Ayom: Amma sonra… (susur)
Ayna: Hə, sonra nə?..
Ayom: (günah içində) …sonra başa düşdüm ki… Anladım ki…
Abd: (kövrək) …O, məni sevir…
Ayna: (səbri daralır) Hə, di uzatma, nəyi başa düşdün?.. Başa düşdün ki, uşaqlarını da sevmirsən?..
Ayom: (çaşqın) Daha doğrusu, mən bunu hələ dəqiq ayırd eləyə bilməmişəm.
Ayna: (əsəbi) Nəyi?.. Nəyi ayırd edə bilməmisən?.. Məni dolaşdırma, xahiş eləyirəm.
Ayom: (səsi dəyişir, tamaşaçılara, iztirabla) Axı mən… kimi sevirəm?..


Pauza. İldırım çaxır. İşıq dəyişir, ecazkar səslər.


Abd: (hüznlə) Sevgilim…
Ayna: (Abdı eşitmir, çaşqınlıq və anlaşılmazlıq içində) Daha sənə sözüm yoxdu.
Ayom: (onu eşitmir, tamaşaçılara) O… yəni sevdiyim… (çaşqın və müqəssir) …belə məlum olur ki, uşaqlarım da deyil…
Abd: (Aynaya astadan) Uşaqlar buna görə şəffaf şüşənin o üzündədilər.
Ayom: (sərt) Hə, bu, dəqiqdi.
Ayna: (nəfəsini dərir) Bir dəqiqə-bir dəqiqə. Sən yenə düyünlər salırsan. Yenə başım hərlənməyə başlayır. Gəl, bir-bir ayırd edək: demək, deyirsən ki, uşaqlarını sevmirsən. Elə olan halda…
Ayom: (tələsik) Yox, mən onları sevirəm. Amma, bu… (susur, səsi enir, pərt) …o deyil.
Ayna: (səbrsiz əsəbliklə) O deyil?.. Nə – o deyil?..
Ayom: (ovsunda) O hər an hiss etdiyim…


Məkana sakitlik çökür… uzaq boşluqlardan Nəfəsi andıran ecazkar səslər…


Abd:(barmaqlarını dodaqlarına sıxır, Aynaya) Ts-s-s!..
Ayom: (ovsunda) …günəş şüalarının sınıq bucağı altında… şimal küləyinin sol axıntılarında… zeytun budağının qəfil tərpənişində… küçə itlərin bəbəklərində tapıb itirdiyim… (gözlərini yumur, başı hərlənən tək, dayandığı yerdə ləngər vurur) …məni ovcunda saxlayan… (açıb-yumduğu ovcuna baxa-baxa)


Abd başını divara söykəyir, harasısa ağrıyan tək, inildəyir.



Ayna: Sən kimdən danışırsan?..
Ayom: (onu eşitmir, bədənində nə isə axtaran tək) …O, budu buralarda… hardasa, lap yaxınlıqdadı... Mən… (susur, vacib əhəmiyyətli nə isə deyən kimi, sarsıntı və heyrət içində qışqırır) …Onu hiss edirəm!!..
Ayna: (nə isə anlayan tək, dəstəyə astadan) Qulaq as, sən kimi deyirsən, hə?.. O “ildırım”, “günəş” dediyin, adam adlarıdı, yoxsa… (göy gurultusuna diksinir)
Ayom: (onu eşitmir) Çox vaxt O, bax… (əlini mədəsinə qoyur, sonra bir qədər aşağı, göbəyinin üstünə sürüşdürür) …burda olur…
Abd: (kədərlə, tamaşaçılara) …Orda dəhliz var…
Ayna: (içini çəkib əsəbi) Bəlkə adam dilində danışasan, biz də qanaq?!.. Qanaq ki, orda hiss elədiyin həmin o… (Ayomun təbiri ilə) “O!..” nədi, kimdi. Bəlkə… (susur, çoxmənalı) demək istəmirsən?.. Ya deyə bilmirsən, hə?..
Ayom: Bu… (gözlərini həzzlə yumur) … Odur!..
Ayna: Bura bax, deyirəm, bəlkə… sən hamiləsən, hə?.. Ürəyin bulanır?..
Ayom: (ovsunda) Bulanır… Başım da hərlənir…
Ayna: Hamiləsən. Həkimə getmisən?..
Ayom: (gözlərini yumur) …bəzənsə, elə bil uçuram…
Ayna: Bəs mən nə deyirəm?… Hamısı hamiləlik əlamətləridi. Deyirəm, həkimə getmisən?..
Ayom: (oturduğu yerdə gözüyumulu gicəllənir) …daha doğrusu, mən Ounla oluram…
Ayna: Halal xoşun. Bəs onlar?.. Onlar nə dedilər?.. Həkimləri deyirəm.
Ayom: (ayılır) …Onlar?.. Dedilər ki, hamiləliyin bütün əlamətləri var.
Ayna: Aha…
Ayom: …amma…
Ayna: Nə amma?..
Ayom: Bu, o hamiləlik deyil.
Ayna: O hamiləlik deyil? (tamaşaçılara) Başa düşmədim. Hamiləliyin də növləri olur?.. (Ayom pəncərədən göyə zillənib) Sən yenə, hə?.. Bax, deyirəm sənə: uçuruma yuvarlanırsan! Məni də özünlə aparmaq istəyirsən. Cəhənnəmə gedən özüylə yoldaş aparan kimi!.. (tamaşaçılara) Bu adamın beynində Cəhənnəm var, ay camaat!.. Məni də ora sürükləmək istəyir!!! Bəli-bəli!.. (Ayomu barmağıyla hədələyir) Daha bunu gizlədə bilməzsən!.. Hər şeyi Allaha şükür özün öz əlinlə yazmısan. Olduğu kimi. Yadından çıxıb, hə?.. Evə gec gələn ərini xəyalında “basdırmağını”... (tamaşaçılara) Siz bir təsəvvür edin, yazıq oğlan... (Ayoma) Ananın qəbrini… (tamaşaçılara) Siz bir təsəvvür edin - qəbri!!! eşə-eşə, ordan bir vaqon xırdavat - çəkmə tayları, parça qırıqları, eynəklər və əlcəklər, ət maşını və sarmısaqəzən çıxarmağını nə tez yaddan çıxartdın, ay qız?.. (məkrlə) Uşaqlarını... (tamaşaçılara) Dipdiri uşaqı!!! Bu adam corab əvəzinə ayaqlarına geyinirdi?.. (Ayoma) Daha sən nələr eləməmisən ki?..


Ayna danışdıqca işıq titrəyişi. Hansısa qurğunun işə düşdüyünü andıran əcayib səslər.


Ayom: (günah içində) Bunları mən eləmişəm?..
Ayna: Sən! Sən! Mən yox! Mən belə şeylərdən qorxuram! Mən belə şeyləri anlamıram! (tamaşaçılara) Axı vallah da, uşaqları necə əyinə geymək olar?!.. Bir də axı niyə?..
Ayom: (qəfildən nəyisə xatırlayan tək) Hə, yadıma düşdü. Onlar… Mən… (başını aşağı salır, günahkar etirafla) Mən… üşüyürdüm.
Ayna: Üşüyürdün?.. (əsəbi gülüşlə) Geyinməyə ayrı bir şey tapmırdın da, hə?.. (qəzəblə) Elə deyil. Bu, sənin adətindi! Ömrün boyu adamları geyinmisən əyninə?.. Birini çəkmə kimi, o birini corab kimi… (astadan kənara) Cəlladın biri cəllad.
Ayom: Yox, bu… (söz axtarır, qəfildən pərt) O titrətmənin qarşısını geyim almır.
Ayna: (kiməsə eşitdirən kimi) Bilirsən əzizim, mən bir şeyi bilirəm ki, (xüsusi vurğuyla) ana!.. Uşaqlarını cani-dildən sevən qadın onları corab əvəzinə ayağına geyməz!.. Şəxsən mən belə şeylərə nifrət eləyirəm!!!
Abd: O, qadın deyil… (cibindən tapıb çıxartdığı almanı dişləyib çeynəməyir)
Ayom: (diksinir) Axı mən… (çaşqın) …onlar…
Ayna: (onu eşitmir) Yaxşı, uşaqlarını da başa düşdük. Bəs ərin?.. O yazığın günahı nəydi?..
Ayom: (təlaşla) Məgər mən onu da əynimə geyinmişəm?.. Axı mən onu… elə uşaqlarımı da sevirəm. Özü də çox sevirəm…
Abd: (çeynəyə-çeynəyə) O, ərini də özü doğmaq istəyir.
Ayna: (acı kinayə ilə) Aha, demək, indi deyirsən ki, uşaqlarını da, ərini də sevirsən. Belə dedin də?..
Ayom: Bəli, çox sox sevirəm. (ağlamağı tutur)
Abd: (ağzını marçıldadır, astadan) Bu, ona elə gəlir…
Ayna: (səsi enir, dəstəyə astadan) Bilirsən, sənin kimisə sevdiyini, düzünü deyim, mən çoxdannan hiss edirdim. Bunu, ümumiyyətlə, hamı hiss edir. Elə ərin də, uşaqların da. Sadəcə, üzünə vurmurlar. Sənə yazıqları gəlir.
Ayom: Hə… onlar əzab çəkirlər…
Ayna: Bu, təbiidir. Bunu özün də dəfələrlə, açıq şəkildə etiraf da eləmisən ki, o…
Ayom: Mən… (susur, bir müddət tərəddüd edir) …daha doğrusu, O…
Ayna: (kobud) Bəli də, «Mən!», «Sən», «O», «Biz», «Onlar»…
Ayom: (müqəssir halda tamaşaçılara) Mən… yalnız bu yaxınlarda… cəmi bir neçə gün bundan əvvəl anladım ki, ərimi də, uşaqlarımı da… (səsi enir) Ona görə sevirəm…


Möhtəşəm sim titrəyişi..


Ayna: (səbrsiz) Yenə müəmmalar işı düşdü. ”Ona”- yəni, kimə?..
Ayom: (onu eşitmir, ovsunda) …Mənim uşaqlarım… Əslində o uşaqlar… (susur, günah içində) Uşaqlar Ondandı…


İldırım çaxıntıları... İşıq dəyişir.

Ayna: (həyəcanla) Nə?.. Sən nə dedin?.


Çağa səsi. Ayom dəstəyi atıb ayağa qalxır, ovsun içində Abda sarı gedir, onun dövrəsinə hərlənir.


Ayom: (ovsunda) …əslində, bunu mən… (nəyisə xatırlayan tək) hə-ə-ə.. özüdü ki, var… İlk körpəm dünyaya gələn gündən bilirəm…
Ayna: Nəyi?.. (səsi eşidilsin deyə bir qədər bərkdən) Nəyi bilirsən?..
Ayom: Onu… körpəmi… (Pauza. Abdın üzünə lap yaxından baxır, pərt halda tamaşaçılara) …Ona görə sevdiyimi…


Ayomun sözünü təsdiq edən musiqi. Abd Ayomun qarşısında diz çökür.


Ayna: Sən… (sakit hiddətlə) Demək, sən… (tamaşaçılara, sarsılmış halda) …bax indicə, bu dəqiqə dedin ki, uşaqlarını da ona görə sevirsən.
Ayom: (dizi üstə düşüb Abdı, körpəsi təki, bağrına basır) Balam mənim…
Ayna: (üzü dəyişir, məkrlə) Dəhşətə bir ba-ax?!.. Bilirsən, mən sənin həddən ziyadə azad insan olduğun bilirdim. Amma, (əsəbi) …bu də-rə-cə-də!?..
Ayom: (Abdın başını sığallayıb sinəsinə sıxır) Ola bilsin, mən nəyisə düz eləmirəm, düz demirəm… (duruxur, tamaşaçılara) Amma olanı deyirəm.
Abd: (Ayomun qucağından) O olmayanı da deyir.
Ayna: Hansı olanı?.. Dəhlizdə adam gözləməyini, yoxsa, yubileyi dağıtmağını, yoxsa, ərini xəyalında basdırmağını? (səsi getdikcə qalxır) O öldürdüyün adamlar, viran qoyduğun evlər… Məni də… (əl-ayağına baxır, ağlamsınır) …gör bir məni nə hala salmısan?!.
Ayom: (Ayna ittihamları sadaladıqqca, pilə-pillə ayağa qalxır) Sən mənimlə, müttəhimlə danışan kimi danışma. (qəfildən hökmlə) Günahımı de!..
Ayna: Günahını?.. (əsəbi gülüşlə) Bütün bu dediklərim bəs nədi, günah deyil?.. Uşaqlarının… (susub dayanır) Bax indicə, bu dəqiqə nə deyirdin?.. Bu dəqiqə özün öz dilinlə boynuna almadın ki, uşaqların… (o yan-bu yana boylanıb dəstəyə astadan) …ərindən deyil?.. (bərkdən) Dedin-demədin?.. Səninləyəm!!!
Ayom: (Aynaya tərəf getmək istəyirsə də, qəfildən ayaq saxlayır, özü-özünə) A-a-ah demək belə-ə. Başa düşürə-ə-əm. İndi başa düşürəm…
Ayna: Nəyi başa düşürsən?.. Sən nəyi başa düşürsən axı?..
Ayom: (susur, tamaşaçılara) Mən - Günaham…
Ayna: Bəli, bu, adi xəyanətdi. (Ayom onu eşitmir, Məkanın ortasında donuq halda dayanıb qalıb) Alo?!.. Məni eşidirsən?.. (dəstəyə) Yenə niyə susdun?.. Alo?.. (məkrlə) Özünü eşitməzliyə vurma!. Eşit!.. Bu!.. Açıq-aydın xəyanətdi!!!
Ayom: (dik atılır) Xəyanət?.. Sən “xəyanət” dedin?..
Ayna: Bəli, xəyanət! Olmaya, bu sözü də birinci dəfə eşidirsən?..
Ayom: (özü-özünə) Xəyanət… (nəyisə anlamış kimi, üzü işıqlanır) Hə, bu, odur… Özüdür ki, var…
Ayna: Kim?..
Ayom: Xəyanət!.. Odu ki, mən özümü həmişə… (tamaşaçılara) …təsəvvür eləyirsiz?.. Ömrüm boyu hamının, hər kəsin qarşısında günahkar hiss eləmişəm. Necə də dəqiq dedin. Xəyanət…
Abd: (hardasa kənardan, kədərlə) Yazıq balam…
Ayom: (ovsunda, özü-özünə) Mən bunu ömrüm boyu hiss eləmişəm…
Ayna: Nəyi?.. Aman Allah!.. Çərlədim!! (kənara) Ay səni hiss öldürsün elə!..
Ayom: (Aynaya məhəl qoymadan) Hamıdan… uşaqlarımdan da, ərimdən də… (qışqırır) Bütün insanlardan!.. (pərt) Qonşulardan və qohumlardan… Dostlarımdan da…
Abd: (Ayoma, astadan) …ailəmdən də…
Ayom: Hə!.. Ailəmdən də qurtulmaq istəyimi… (fifikrlərində nəyəsə ilişir) Daha doğrusu, bu, necəsə öz-özünə baş verib.
Ayna: Öz-özünə baş verib?.. Demək, deyirsən, bütün bunlar elə beləcə, özü-özünə baş verib də, hə?.. (pauza, qəfildən, nəyinsə işə düşdüyünü andıran möhtəşəm səsdən diksinir) Bəs axı həmişə özün deyirdin ki, (Ayomun təbiri ilə, romantik) “bircə ağacda, bircə yarpaq belə, özbaşına tərpənə bilməz?..”


Uzaq boşluqdan ecazkar Nəfəs axıntısı… Ayom dırnaqlarını əsəbi-əsəbi gəmirir.


Qeybdən səs: (Məkan boyu əks-səda verir) Məni düşün…
Abd: (vahimə içində astadan Aynaya) Onunla işin olmasın…
Ayom: (iztirab və çaşqınlıqda) Mən bunu qəsdən eləmirəm...
Ayna: Qəsdən eləmirsən? Eləmirsən də, hə?..
Ayom: Mən… (fikirləri dolaşır, susur, göylərə baxır, qəfildən ecazkar səslə) Bunu O istəyir…


Anlaşılmaz sivri səslər… narazı nidalar…



Abd: (ilahi nəfəslə, boşluqlara) Məni düşün…



Ayom yerə çöküb başını, qulaqlarına qapayır.



Ayna: (sarsılmış halda) Məni düşün?.. (Ayoma) Bəs mən kimi düşünürəm?.. Düşünə-düşünə, adamlıqdan çıxmışam. (qəfildən çaşqınlıq içində özü-özünə) Yoxsa, bu, mənim alnıma yazılıb?!. Kiminsə əlavəsi olmaq… Xoş əhvalında xoşlanmaq… (üzü dəyişir) …əhvalı çönəndə, onunla bir dibsiz uçurumların qorxunc qaranlıqlarına qərq olmaq… Bu ki, dəhşətdi?!.. Axı mənim də öz istəklərim, öz arzularım var?!.. Axı nə vaxtacan… (qəfildən coşur) sənin o insan ayağı dəyməyən, vəhşi çöllüklərində – qalın, keçilməz bataqlıqlarında çabalamalıyam, hə?.. (Ayom qəzəblə ona zillənib) Sənin o anlaşılmaz ağrılarınla ağrımalıyam?.. Mən o ağrıları… elə o birilərini də… (səsi yazıqlaşır) anlamıram! Buna… (yazıq səslə tamaşaçılara) gücüm çatmır, başa düşürsən?.. Məgər təqsirkaram ki, gücüm çatmır?!.. (Ayom aramla ona yaxınlaşır, üzbəüz dayanır) Mən ki, əlimdən gələni eləyirəm. Sənin o qorxunc sözlərinə saatlarla, (tamaşaçılara) …aylar və illərlə qulaq asıram. (xüsusi vurğuyla) İstəməyə-istəməyə!.. Səni ovutmaq üçün, eşitmək istədiyin sözlərdən tapıb deyirəm, bəlkə əhvalın düzələ. Onları deməmişdən əvvəl ürəyimdə min dəfə götür-qoy eləyirəm, başım çıxmayanların üstündən ehmalca ötüşürəm. Daha neyləməliyəm ki?.. Sənə isə bu da azdı!.. Sən bununla da qane olmursan, rahatlıq tapa bilmirsən!.. Başını o dolama-dolaşıq labirintlərinə salıb azdırırsan özünü!.. Bəli, bəli, özün öz içində azırsan! Sonra da ordan… (üzü dəyişir) qurbanlarının üzəriylə - kimlərisə tapdaya-tapdaya, əzib öldürə-öldürə, meyitlərin üstü ilə çıxırsan! Qalib çıxırsan! (susub sarsıntı içində Ayomun gözlərinin içinə baxır) Amma yo-ox… Mənə gücün çatmaz. Mən sən deyənlərdən deyiləm. Sözlərinin… yox-yox, səsinin tilsiminə düşməyəcəyəm. Çünki bilirəm, səni yaxşı tanıyıram. Sən - təhlükəsən! (şübhə dolu baxışlarla Ayoma baxa-baxa geriyə çəkilir) Daim sirli təhlükə saçırsan. Mən o təhlükəni hər an hiss edirəm. (qəfildən hiddətlə) Qatil!! Qatil!! Qatil!!



Möhtəşəm külək vıyıltısı. İşıq dəyişir. Külək içəridə əsir. Ayom və Ayna, küləyin müqaviməti altında ləngər vura-vura, ha yanasa sovrula-sovrula üzbəüz dayanıblar.
Abd onları kənardan seyr edir.
Külək getdikcə, güclənir və qarşı-qarşıya dayanmış qadınları bir-birindən qoparıb əks istiqamətlərə yuvarladır.
Abd hardansa, yuxarıdan atılmış kəndir nərdivanla üzüyuxarı dırmanır.


PƏRDƏ






İKİNCİ HİSSƏ



Həmin yarıqarnlıq məkan. Elektrik şnurundan asılmış lampa içəridə əsən küləyin müqaviməti ilə yellənir və yelləndikcə yanıb-sönür. Lampanın zəif işığında üzü tük basmış, dizləri, heysizlikdən bükülmüş Abd və saçları səliqəsiz halda çiyinlərinə dağılmış, əyin-başı, kiminləsə əlbəyaxa döyüşdə cırılıb-sökülmüş Ayna görünür.
Abd arxasınca elektrik stulunu, oturaq cərrahiyə kreslosunu andıran əcayib quruğunu sürüyə-sürüyə məkanın ortasına gətirir və yenə nəyinsə ardınca məkandan çıxır.
Ayna bir kənarda əyləşib cırılmış nəyisə tikir.


Ayna: (dodaqlarını güclə tərpədərək, heysiz səslə) …O elə dənizdən danışır. Adam dənizindən. Adamdan da dəniz olar?.. Lap ağını çıxarıb. (əlini saxlayır, başını qaldırır) Bəlkə o… ayrı dənizi deyir?..


Abd hıqqana-hıqqana çarxlı pyedestalı da sürüyüb gətirir və onu Məkanın bir tərəfində yerləşdirir, sonra heydən düşmüş halda özünü pyedestalın üstünə yıxıb nəfəsini dərir.


Abd: (heysiz halda) O, adam dənizini deyir. Yəni – bizləri. (fikrə gedir) Gücü çatmır.
Ayna: (tikə-tikə, əsəbi, qırıq gülüşlə) Gücü çatmır?.. Onun gücü çatmır?!.. Gör bir məni nə günə qoyub?!.. (tamaşaçılara, sarsıntı içində) Mən ki… o cür həyatsevər, şən qadın idim, hər bir şeyin dadını, ləzzətini bilirdim. Ən kiçicik bir şeydən belə zövq almağı bacarırdım. İndi nəyəm?.. (üzü dəyişir) Hər yandan qovulmuş küçə iti kimi, hər şeydən qorxuram. Xof içində yaşayıram. Hər sözdən, hər səsdən ehtiyat edirəm. Pəncərələrimdən qalın pərdələr asmışam ki, çölü görməyim. (Abda baxır) Bəs sən?.. Sən özün gör bir nə günə qalmısan?!..


Məkana Ayom atılır. O, nəyinsə intizarında, narahat addımlarla o baş - bu başa vurnuxur.


Ayna: (nifrətlə Ayoma baxır, kinli) Yenə gəldi. Dünyanı darısqal daxıl qutusuna döndərən xəstə. Buna deyən gərək «balam, yaşaya bilmirsən, öldür özünü də. Bizim təqsirimiz nədi?.. Qələt eləmədik ki, isinişdik sənə?.. Adamları görmək istəmirsən, belə cəhənnəmə gör. Belə adamlar da səni görmək istəmir, sonra?..


Su, hava axıntılarının sovrulmasını andıran səslər…



Ayom: (səsləri eşidib ayaq saxlayır) Mən sizə demək istəyirdim ki… Bilirsiz, nə demək istəyirdim?.. (Abdla Ayna yorğun halda bir-birinə baxırlar) Mən… (qəfildən yazıqlaşır) …sovruluram…
Abd: (pyedestaldan düşüb telefona sarı gedir, nömrələri yığır, qayğılı halda Aynaya) O burda boğulur.
Ayna: Burda, yəni harda?..
Abd: (telefona) Adam arasında.
Ayna: Adam arasında?.. O özü nədi görən, adam deyil?..
Abd: (telefona) Məncə. yox. Bir o qədər oxşamır.
Ayna: (əlini saxlayır) Oxşamır?..
Abd: (çönüb Ayoma baxır) Elədir ki, var. O, adama oxşamır.


Bomba partlayışını andıran səs.


Ayna: (dik atılı, Abda) Siz “adam” sözünü niyə elə dediz?..
Abd: (dəstəyi əli ilə qapayır) Necə dedim?.. Dedim «a-da…
Ayna: (vahimə içində, tələsik) Yox-yox, deməyin!.. (səsi enir) Xahiş edirəm. O sözdən… (əyilib mədəsinə baxır, əlini mədəsinin üstünə qoyur) …mənim buram ağrıyır.
Ayom: (nəyinsə içindən sivişən kimi, sivişib Aynaya sarı yeriyir. Orda təhlükə gözləyən tək, o yan-bu yanına baxır) Orda dəhliz var.
Ayna: (əlindəkini yerə qoyub ehtiyatla ayağa qalxır, Ayoma, heykələ baxan kimi, kənardan baxa-baxa Abda) O, gün-gündən vahiməli olur. Hansısa qədim quşu xatırlatmağa başlayır. Amansız, yırtıcı quşu.
Abd: (heysiz hərəkətlərlə telefonun düymələrini basır) O, qədimdi. Ola bilsin ki, həm də quşdu.
Ayna: Həm də?.. Siz… “həm də” dediz?..
Abd: Əslində… (səsi enir, Ayoma kədərlə baxır) …biz onun barədə heç nə bilmirik.
Ayna: (onu eşitmir) O hər an təhlküə saçır. (hardansa uzaqdan canavar ulartısı eşidilir)
Abd: (dəstəyi yerinə qoyur) Ələlxüsus da fikirləşəndə. O, fikirləşəndə ona baxmaq olmur.
Ayna: Bəs danışanda?.. O, danışanda, elə bil… (susur, harasısa ağrıyan tək, ikiqat bükülür) …nə isə toxunur mənə. (tamaşaçılara, çaşqın halda) Amma nə?..


Qalın-incə səslərlə kamançada və skripkada çalınan məzmunsuz, köndələn musiqi. Ayom öz bədənini - qollarını, əllərini, ayaqlarını tədqiq edirmiş kimi, diqqətlə nəzərdən keçirir. Abdla Ayna qulaqlarını qapayırlar.



Ayom: (ovsunda, əllərinə baxır) Son vaxtlar mənim bu əllərim… (ayaqlarına baxır) …ayaqlarım da… (tamaşaçılara) …uzanır.


Ayna aramla Ayomun ətrafıyla gəzişərək onu, əcayib eksponatı tədqiq edən tək, nəzərdən keçirir.


Ayna: (astadan) O özünü apara bilmir. Özü də bilinir ki, bu, onun özündən asılı deyil.
Abd: (yorğun) O sümrülür. İtir… Bunu anlamaq beləmi çətindi?!.. (harasa, arxaya kədərlə) Bizim aqibətimiz necə olacaq?!..
Ayna: (astadan) O, tamamilə insanlıqdan çıxıb. Elə-belə baxanda da görürsən ki, adam deyil.
Ayom: (qəfildən qulaqlarını qapayır, sarsıntı içində) Daha dözə bilmirə-ə-ə-əm!!!..
Abd: (kədərlə) Yazısı budu, neyləmək olar?.. (qurğuya sarı yeriyir) Sevgi elə bir uçurumdu ki…


Qurğunu ehmal hərəkətlərlə cərəyana qoşur. Asma lampa sönür, qurğu bərq vurmağa başlayır. Abd kədərlə Ayoma baxır. Ayom anlaqsız hərəkətlərlə məkan boyu vurnuxur.
İşıq dəyişir, möhtəşəm xışıltı səsi.
Ayom tələyə düşən yaralı heyvan tək, qısılıb gərilir, nədənsə qorunan tək, əcayib hərəkətlərlə geriyə çəkilib sivişmək istəyirsə də, ayaq saxlayır.



Ayna: (qurğuya sarı yeriyir, orda Abdla köməkləşib qurğunu bir qədər də ortaya sürüyürlər) Kimi sevir sevsin. Allah xatirinə. Sağlığına qismət. Bizim günahımız nədi?.. Amma o da var ki… (sözünü yarımçıq kəsir) Deyirəm, bəlkə o o söz, (barmağını gicgahında hərləyir) hə?.. (Abd üzünü turşudub qaşlarını düyünləyir və Aynaya əyri-əyri baxır. Ayna cəld özünü yığışdırır)
Ayom: (onların, nə isə eləmək istədiklərindən duyuq düşüb pyedestalın üstünə sıçrayır, əllərini arxasında cütləyib dərs danışan şagird təbiri) Əvvəllər mən elə bilirdim, sevdiyim – anamdı. Sonra mən ərimə rast gəldim və düşündüm ki, illərlə dəli sevgiylə sevdiyim – sən demə, o imiş. (danışdıqca səsi yüksəyə qalxır) Sonra uşaqlarım oldu…
Abd: (qurğunu sazlaya-sazlaya Aynaya astadan) Budu bax, yenə başladı.
Ayna: (Ayoma baxır və içini çəkir) E-eh, heyf səndən. Gözəlliyin, sənətin, gül kimi ailən, balaların, şöhrətin… (tamaşaçılara) Adama deyərlər, daha nəyin çatışmır?.. Vallah da…
Ayom: (öz aləmində, coşqun) …dedim bu, onlardı, qanı qanımdan, canı canımdan olan balalarım!.. Amma sonra başa düşdüm ki…
Ayna: (Abda, nəyisə bağlamağa, ya açmağa köiək eləyə-eləyə, lağla) Yenə nəyisə başa düşdü. O hər saniyə nəyisə başa düşür. (səsini ucaldıb Ayoma, lağla) Yenə nəyi başa düşdünüz?..
Ayom: (sarsılmış halda) …Onların məndən olmadığını…
Ayna: (gizli qürurla tamaşaçılara) Gördünüz ki?.. Bu da bunun danışdığı söz. Öz balaları üçün deyir a, hələ bunu. Görün, indi biz kimik bunun üçün?!..


Külək uğultusu eşidilir.


Abd: (əl saxlayır, Aynaya pıçıltı ilə) S-s-s… eşidirsən?..
Ayom: Odu ki, bu sual məni yandırıb yaxırdı…
Ayna: (Abdı eşitmir, Ayoma tərs-tərs baxa-baxa, astadan) Yenə nə yandırıb-yaxır səni, ay yazığ?..
Ayom: …axı mən… kimi sevirəm?..
Abd: (Aynanı dümsükləyir) Eşidirsən?..
Ayna: (uğultuya diqqət kəsilir) Bu nədi belə?..
Abd: (qorxu içində) Hiss eləyirsən?..
Ayna: (vahimə içində) Nəyi?..
Abd: Yer yırğalanır. (göylərə, sonra döşəməyə baxır, vahimə içində) O, onu çox sevir…
Ayna: (astadan) Amma axı… (susur, qəfildən əsəbi) Kimdi axı bu «O»???.. (uğultu güclənir, Ayna bu səsdən diksinib Abdın qolundan yapışır, astadan) Məni xilas eləyin!..
Ayom: (qollarını qoltuğuna vurub nəyisə, kimisə gözləyirmiş kimi, o yan-bu yana gəzişir, qəfildən ayaq saxlayır, müqəssir səslə boşluğa) Mən adama-a-a-am!..
Ayna: (Abda qısılır, Ayoma baxa-baxa astadan) Sənə inanana lənət!.. (uğultu səngiyir, Abda) O, kabusdur. Ağ kabus. Bir adam ki, (əlini saxlayır, tamaşaçılara) …ömrü boyu kimisə sevə (əsəbi gülüşlə) və kimi sevdiyini heç özü də bilməyə, gah ildırımdan, gah küləkdən, gah mədəsindən dəm vura…
Abd: (qurğuyla əlləşir, hüznlə) Onlar da elə dedilər…
Ayna: (sevincək) Nə dedilər?..
Ayom: (nəyisə gözləyən kimi, əsəbi-əsəbi o yan-bu yana yeriyir, birdən ayaq saxlayıb hansısa görünməz arakəsmədən içəri) Noldu, hələ çox qalıb?..
Ayna: (Ayoma sarı, rəsmi) Gözləyin!.. (qurğuda əlləşə-əlləşə, astadan Abda) Nə dedilər?..
Abd: Dedilər… (gözü Ayomda, Aynanın qulağına astadan nə isə deyir, bircə axırıncı sözü eşidilir) …əmbur - təşhəd!..
Ayna: (içini çəkir, kədərlə Ayoma baxa-baxa, astadan) Dəhşə-ə-ət!..
Abd: S-s-s… (astadan) Yazı belədir.
Ayna: Mənsə… (vahimə içində) mən-bədbəxt, gör bir nə qədər vaxtı onunla bir stolun arxasında, yanbayan… (Asma lampa yanır. Əcayib səslər.) Gecələr yuxuda… (yadına salmağa çalışır, özü-özünə) Yuxuda idi, ya yuxudan əvvəl idi?.. O… (dəhşətli sirrin astanasına çatmış kimi) …elə hey nə isə deyirdi… Onun dedikləri, niyəsə heç vaxt mənim yadımda qalmır. Bircə səsi qalır. (qorxunc skripka-kamança tandeminin səsi) Səhəri günü də, hələ bir neçə gün sonra da, o səs bədənimin… (bədənini, iynə girmiş kimi əsəbi hərəkətlərlə yoxlayır) …ha tərəfindənsə bitməyə başlayır… (qəfildən dizi üstə düşüb Abdın dizlərini qucaqlayır) Mənə kömək eləyin, yalvarıram…


Kamança-skripka tandemi. Ayom diksinir, bədənini qucaqlayır.


Abd: (donuq vəziyyətdə, mütəəssir) O, adam ola bilmədi. Bəzən o… (Ayoma məhəbbətlə baxır, üzü işıqlanır) çəhrayı şüaya bənzəyir. Bəzənsə… (susur, vahimə içində) …dağıdıcı dalğaya!
Ayna: (nifrətlə Ayoma baxır) O, qadın deyil.
Ayom: (ayaq saxlayıb onlara sarı) Noldu, hələ çox qalıb?..
Abd: (qurğuyla əlləşir, əsəbi halda Ayoma) Dedilər gözləyin, demək gözləyin, vəssəlam!..


Ayom telefona sarı gedir, nömrələri yığmağa başlayır.


Ayom: (həyəcanla telefona) Heç bilmirəm bu, necə oldu. Bu, mənim günahım deyil. Günah onlardadı…
Ayna: (əli ilə Abda nə isə işarə edə-edə) Həmişəki kimi şişirdirsən. Noldu, nə baş verdi axı?.. Tutaq ki, orda bir qədər gözlədin, nolsun ki?..
Ayom: Yox, axı bilirsən, mənim heç ağlıma da gəlməzdi. (Ayna ilə Abd ehmal addımlarla arxadan Ayoma yaxınlaşırlar)
Ayna: (Abda göz vurur) Narahat olmalı bir şey yoxdu...
Ayom: …Yox, məsələ bundadı ki… (vahimə içində) …mən Onu orda axşama qədər gözlədim. Dəhlizdə. Hava qaralana qədər…
Ayna: (sakit) Nolsun ki?.. Burda nə var axı?..
Ayom: (onu eşitmir) …minlərlə adamın arasında!.. Saatlarla… yoxsa, illərlə?!..
Ayna: O sizə elə gəlib. Axı siz… O dəfə razılaşdıq axı bunu?! Sizin zaman duyumunuz bir qədər belə… necə deyim?.. (Abd Aynaya işarə verir)
Ayom: Zaman duyumunun bura nə dəxli?.. Mən gözləyirəm… arada bir qapını açıb: “noldu, hələ çox qalıb?..” - deyirəm. Ordansa: “Gözləyin…” - deyirlər. “Gözləyin”, vəssəlam. Gözləməyin axırı gör bir nə ilə bitdi?!..
Ayna: (danışa-danışa arxadan Ayoma yaxınlaşır) O da sizi gözləyib. Bu, adi bir anlaşılmazlıqdı. (Abd astadan Aynaya nə isə deyir, Ayna qəfildən Ayomun qollarını arxadan burur)
Ayom: (qorxu içində) Sən… siz neyləyirsiz?..
Ayna: (onu eşitmir, Ayomun təbiri ilə) Yox axı, bilirsən, mənim heç ağlıma da gəlməzdi… belə şeylər mənim həyatımda ümumiyyətlə, olmayıb…


Ayom qolları bağlı halda vurnuxur, Aynanın əllərindən sivişmək istəyirsə də, çıxa bilmir. Onlar əlləşirlər.


Abd: (sinəsinə asılmış eynəyi gözünə taxıb mizin üstündəki alətləri bir-bir, diqqətlə gözdən keçirir) Kimin ağlına gələrdi?.. (əlini saxlayır, tamaşaçılara) Kimin ağlına gələrdi ki, bu çəhrayı şüayabənzər məxluq… (Ayoma baxır, səsi qəddarlaşır) …belə bir qorxunc, dağıdıcı dalğaya çevriləcək?!
Ayom: (çırpınır) Buraxın məni!.. Buraxın, deyirəm! Mən dalğa deyiləm!
Ayna: (Ayomu itələyib qurğuya oturdur, qollarını qurğunun qolçaqlarına salır) İndi adam oldu. Yadına insanlıq düşdü.
Ayom: Haqqınız yoxdur!.. Mən heç bir qanunu pozmamışam! (həyəcanla) Siz… siz bilmirsiz! (tpamaşaçılara yazıq-yazıq) O qanunlar öz-özlərinə pozulurlar… Mən onlara toxunmadan… İnanmırsız?.. Bu dəqiqə deyim. Bax, tutaq ki, mən küçə ilə gedirəm… (Abd ilə Ayna Ayomun arxasında nə isə bururlar) Yaxud, evdə, yazı stolumun arxasında otururam, bir də görürəm… (qəfildən susur, o yan-bu yana baxır, boşluğa) Siz hardasız?.. Məni eşidirsiz?..

Abd Ayna ilə pıçıldaşa-pıçıldaşa Ayomun köynəyini qaldırır mədəsinin hansı nöqtənəsə basır.

Ayom: (inildəyir) A-a-ay!.. Siz neyləyirsiz?..
Abd: (Ayoma məhəl qoymadan, astadan Aynaya) Budu bax, buradı.


Ayna tələsik eynəyini taxıb Abdın göstərdiyi nöqtəyə zillənir, əlini o yerə basır. Ayom bağırır.


Ayna: (Ayomun çığırtısına məhəl qoymadan, həmin yerə eynəksiz baxır) Yox, bu, o deyil. Burda anadangəlmə çökək var. Baxın… (əlini ağrılı nöqtədə oynatdıqca, Ayom daha bərkdən çığırır. Çığırtıya məhəl qoymadan) Görürsüz?..
Ayom: (ağlayır) …Ora dəyməyin!.. Orda yara var!..
Abd: (əlindəki alətləri, itiləyən kimi bir-birinə sürtür) Bunu da nəzərdən qaçırmayaq ki, onun dəqiq kim olduğunu biz hələ bilmirik.
Ayom: (yazıq-yazıq) …Dəyməyin… Əl vurmayın!.. Yalvarıram… Siz səhv edirsiz!.. Vallah səhv edirsiz… Mən – sizlərdən biriyəm!.. Sizin kimi, adamam…
Abd: (Ayoma məhəl qoymadan, əlini onun mədəsində, sinəsində gəzdirə-gəzdirə, hansısa nöqtəni axtarır, özü-özünə) Bax, o hardasa, buralarda olmalıdı. Amma, o, nə budu… (Ayomun hansısa nöqtəsinə basır, o çığırır) …nə də bu.
Ayna: (Ayomun qarnının müxtəlif nöqtələrinə basıb onu çığırda-çığırda, fikirli) Hə… rekasiya o deyil.
Abd: (başıqarışıq) Bəs mən nə deyirəm?.. (qurğunun başına hərlənib Ayomun qarnının içində, şkafın içində eşələnən tək, eşələnir. Ayom dəli bağırtılarla bağırır) Bəlkə burdan prob eləyək?.. Burdan daxil olanda, o, təxminən bax-ba, buralarda olmalıdı. Şoğərib…
Ayna: (əllərini Ayomun qarnının içinə salır, Ayom bağırır) Siz haranı deyirsiz, başa düşə bilmirəm?.. O, təxminən bax, bu nahiyələrdə olmalıdı. (Ayomun mədəsini əlləşdirir, o, çığırır) Mədəaltı vəzin yaxınlığında.
Abd: (əlini, Aynanın göstərdiyi nahiyəsinə salır) Aha!.. Düşdüm. Budu bax… (əlini bir az da dərinə salır, əli dirsəyinəcən Ayomun mədəsinə girir) Özüdü ki, var. Aha!.. (qəfildən qolu, az qala çiyninəcən Ayomun mədəsinə girir, çaşqın) Bu nədi belə?.. (geriyə dartınırsa da, qolunu Ayomun mədəsindən çıxara bilmir) Mən… Məni… Saxla!.. (qışqırır) Saxla məni-i-i-i!!!..


Ayna başılovlu halda Abdın belindən yapışırsa da, onu Ayomun qarnından çıxara bilmir. Gülək sanki Ayomun qarnının içindən əsir və getdikcə güclənir.


Ayom: (daha ağrı hiss etmir, üzgün halda) Mən söz verirəm!.. Daha danışmayacağam. Yazmayacağam… Fikirləşməyəcəyəm də. Söz verirəm. Söz verirəm.
Ayna: (hıqqana-hıqqana) Susmağın ondan da betərdi!.. (Abda) Gücüm çatmır…
Ayom: Susmayacağam da. Söz verirəm!..
Abd: (qolları Ayomun içində, nəfəsi kəsilə-kəsilə, kiməsə) Buraxın!.. Burax məni!..
Ayna: (Abdı darta-darta) Gücüm çatmır!…


Ayna Abdı dartıb axır ki, Ayomun içindən çıxarır və hər ikisi arxası üstə yerə sərilirlər. Bir müddət hər ikisi heysiz təngənəfəslikdə zarıyırlar.
Küləyin güclənməkdə olan uğultusu eşidilir.
Ayom uğultudan nə isə anlayan tək, həzzlə gözlərini yumur…


Ayom: (gözüyumulu) …Söz verirəm… Söz verirəm... Söz verirəm...
Abd: (bir təhər ayağa qalxır, belini tutub heysiz addımlarla Ayoma yaxınlaşır, onunla üzbəüz dayanıb bir müddət nəfəsini nizama salır, heysiz səslə) Nəyə söz verirsən?.. (qəfildən əsəbi çığırtıyla əlində saxladığı skalpeli dəmir qabın içinə çırpır) Orda dəhliz var!..
Ayna: (ayağa qalxıb üst-başını çırpır, əsəbi) Bu, dəhliz deyil, uçurumdu, uçurum!..
Abd: (iztirab içində tamaşaçılara) Odu ki, bu gündəyik. Buna heç gün də demək olmaz. Əslində bu, kölə… Tfu!.. kölgə həyatıdır. Bilmirsən varsan, ya yoxsan?!.. Görüntüsən, yoxsa… (qol-qıçını yoxlayır) gerçəklik?!.. (küləyin uğultusunu eşidir, üzü işıqlanır) Amma həm də, daim onun yaxınlığında olmağın, ona hər an, hər saniyə toxuna bilməyin, nəfəsini, səsini öz canında, ciyərlərində hiss etməyin səadətini nə verə bilər?.. (üzü dəyişir, səsi enir) Nə yazıqlar ki, bu, kölgə səadətidi… Duyulanların duyumu… Yaşanılanların yaşantısı… Sonu, dibi görünməyən miskin səadət uçurumu!.. Bu, necə səadətdi?.. Səadətdimi bu?.. Səadət beləmi olur?.. (səsi enir, öz-özünə) Səadətin səadəti. Gölgə səadəti… Əvvəli-axırı olmayan, xırda əzablar və nəşələr dolu fasiləsiz səyahət… (qəfildən ayılır, hüznlə tamaşaçılara) Hə, bir şey aydındır ki, bu səyahətin sonu yoxdur. Bu səyahətə məhkumluq var. (susur, Aynaya hüznlə) Məhkumsa - bizik…
Ayna: (təlaşla) Biz?.. Biz - məhkumuq?.. Bunu onlar dedi?..
Abd: (şprisə dərman doldurub Aynaya uzadır) Haydı!..
Ayna: (şprisi Abddan alır) Bunun hamısını?.. Bu, çox deyil?..
Abd: (alətlərlə əlləşir, başıaşağı) Orda nə var ki?.. Bayaqdan azadlıqdan dəm vuran sən deyildin?.. İndi noldu?..
Ayom: (şprisi görüb vahimə içində) Yo-ox!.. Yox-yox-yox-yox!.. Eləməyin!.. Xahiş edirəm… (çırpınıb qurğudan çıxmaq istəyirsə də, çıxa bilmir) Tövbə eləyirəm!.. Daha heç vaxt!
Abd: (əlini saxlayıb sakit səslə Ayoma) Bəs dəhliz?.. O necə olsun?..
Ayom: Dəhliz?.. Siz… (gah Aynaya, gah Abda baxır) …hansı dəhlizi deyirsiz?..
Ayna: (şprisin havasını buraxır) Bayaq az qala düşüb öldüyü dəhlizi deyir!..
Abd: (qəzəblə) Camaatın bir-bir düşüb itdiyi dəhlizi deyirəm!.. Hamının sümrüldüyünü!..
Ayom: (başını qaldırıb tamaşaçılara) Sümürüldüyü?..
Ayna: (məkrlə) Guya bilmirsən?.. Özünü bilməməzliyə vurma. (barmağıyla hədələyir) Bunu mən çoxdan hiss eləyirdim!.. Amma, yox!.. (sinəsinə döyür) Məni sümürə bilməyəcəksən!..
Ayom: (çaşqın halda gah Aynaya, gah da Abda baxır) Bu… bu, mənim günahım deyil. (tamaşaçılara) Günah onlardadı!.. Bunu onlar özləri edir… İnanın mənə!.. (Aynaya) Onlar mənə can atırlar!.. (tamaşaçılara) Yəni canlarını mənə atırlar! Könüllü şəkildə!.. Mən istəmədən! Bunu onlar özləri istəyir, niyə başa düşmək istəmirsiz axı bunu?!..
Ayna: Nə istəyirlər axı?..
Abd: (əlini ehtiyatla Ayomun mədəsinə qoyur) Onlar dəhlizə düşmək istəyirlər. (kədərlə) Xilas olmaq istəyirlər.
Ayna: Xilas olmaq?.. Bisimillah!.. Nədən?..
Ayom: Nədən? (üzü dəyişir) Özlərindən. İçlərindəki qorxunc məxluqatdan...
Ayna: (Abda) Bu, nə danışır?.. Hansı məxluqat?.. (tamaşaçılara, qorxu içində) Adamın içində də məxluqat olar, ay başınıza dönüm?.. (əyilib şübhəylə öz qarnına baxır)
Ayom: (ovsunda, tamaşaçılara) …oralarının keçilməz bataqlıqlarından! Yarıqaranlıq, soyuq darıxma kameralarından! (həmlə edib kreslodan qurtulmaq istəyir)


Şarmankada ifa olunan musiqi eşidilir. Məkan, adama bənzər müqəvvalarla və müqəvva kimi hərəkət edən adamlarla dolur. Onlar Ayomu əhatəyə alırlar.


Ayom: (onların arasından, sıx cəngəllikdən xilas olmaq istəyən tək, qışqırır) Orda… onlarda… onların hər birində!..



Müqəvvalar müxtəlif səslərl çıxara-çıxara, məkan boyu yeriyirlər. Ayomun sözləri bu əcayib səslər yığnağının içində əriyib itir.


Ayna: (vahimə içində başını tutur, Abda) Bu… nə danışır?.. (Ayoma) Sən nə danışdığını bilirsən?..


Hay-küylü bazar meydanını, stadionu andıran qarmaqarışıq mənzərə.
Ayom izdihamın içindədir. O kütlənin arasından nə isə çığırırsa da, səsi eşidilmir, vurnuxub çıxmaq istəyirsə də, çıxa bilmir.


Abd: (qışqırır) Yalandır!.. Elə şey ola bilməz!..
Ayna: (səsi eşidilsin deyə, bərkdən) Bizi qorxutmaq istəyirsə-ən?.. Bundan həzz alırsa-an?..
Ayom: (Aynanı eşitmir, izdihamın içindən səsi eşidilsin deyə, bərkdən) …Bax, həmin o məclisdə də!… O darısqal adam bataqlığında!… Sən elə bilirdin, orda tək bir sən gördüyün adamlar idi?.. Orda… (müqəvvalar və adamların da hərəkətləri və səsləri səngiyir) …Ora adam meşəsi idi!..
Ayna: (çaşqın) Nə meşə?.. Hansı meşə?..
Ayom: (tamaşaçılara) …Odu ki, birdən-birə… elə oturduğum yerdə… bir də hiss elədim ki, ürəyim ağzıma gəldi! Hardansa… (əlini mədəsinin üstünə qoyur, çaşqın halda) …bax burdan - içəridən elə bil nə isə budaq atdı… məni ayağa qaldırdı... (Abd ehmal addımlarla arxadan Ayoma yaxınlaşır, boğazından açdığı uzun şərfi onun boğazına dolayıb boğmağa çalışırsa da, Ayom onun əlindən qurtulur, təngənəfəs Aynaya) …Bilirsən, o nə idi?.. O ağzıma gələni deyirəm… O!.. (yenidən hərəkətə gələn izdiham kütləsi ilə itələşir) …ürəyim deyildi… Bu!.. (ayaq saxlayır, qələbə şüarıyla) Mən idim… Mən özüm!..


Səslər və işıq dəyişir. Abd vahimə içində geriyə səndələyir.


Ayna: (tələsik hərəkətlərlə müqəvvaları ipdən açıb yerə sərə-sərə) Heç nə başa düşmürəm. Daha doğrusu, eşitmirəm. Sən… siz… hardasız?.. (Ayomun, müqəvvalardan birinin başını qoparmaq cəhdlərini görüb) Yenə nə edirsiz orda?.. Nə deyirsiz?.. (onu itələyirlər, az qalır yıxıla)
Ayom: (izdihamın itələşməsində özünü zorla saxlayır, tamaşaçılara) …Həmin o məclisdə… burdan (əlini mədəsinin üstünə qoyur) …içəridən… hava qabarcığı kimi qalxıb boğazıma tıxanan…
Abd: (hardansa kənardan, kədərlə) O özü idi…
Ayom: (Abda sarı qaçır, onu qucaqlayır) Hə!.. Məni… həmin o adam darısqallığında qoyub aradan çıxmaq istəyən…
Abd: (kədərlə) …Mən idim…
Ayom: (heyrətlə haranısa, arxanı göstərərək, ucadan) …O idi!..


İzdihamın içindən çığırtı səsləri eşidilir.
Hücum xarakterli ritmi vuran təbillərin səsi eşidilir


Ayna: (qeyzlə) Siz yenə o üzə çönürsüz!.. Mən fikir vermişəm - hava dəyişikliyi sizə həmişə belə təsir edir. Özünüzü ələ alın!.
Abd: S-s!.. O, sirr açır…
Ayom: (ovsunda, tamaşaçılara) …Cəmiyyətlər!.. Bizim hər birimizdə… (təbil səsləri)
Ayna: (Abda qısılıb, astadan) O niyə belə edir?..
Abd: Mane olmayın. Hərçənd ki, ona mane olmaq mümkün də deyil. Olsun ki, o… (tərəddüd içində, lap astadan) …bizi də özü ilə aparmaq istəyir.
Ayna: (vahimə içində) Hara?..
Ayom: (qulaqlarını əlləri ilə qapayır) …Onlara… (susur, tamaşaçılara baxır) …bu qədər adama… Hər adamda bir ordu adama! (səsi getdikcə, yüksəlir) Bu ucsuz-bucaqsız adam dənizinə… (harasa uzaqlara) …daha gücüm çatmır… (bağırır) Çat-mı-ı-ı-ır!!!..


Radio dalğalarının pozuntu səsi. Ayom qulaqlarını qapayır, məkan boyu vurnuxub ha yanasa yoxa çıxır.


Ayna: (təşvişlə boşluğa) Dayanıı-ın!.. Hara?!. Bəs mən?..
Abd: (Ayomun ardınca məhəbbətlə) O, getdi…


Radio dalğalarının pozuntu səsi getdikcə, azalır və itir. Məkanı tərk edib uzaqlaşan izdihamın səsi. İşıq enir.
Ayna səhnədə təkdir


Ayna: (yazıq səslə) …Siz hardasız?.. Məni eşidirsiz?.. (qaranlıqdan Naməlum kəs peyda olur. O kəsik, səssiz addımlarla Aynaya sarı yeriyib onun arxasında dayanır. Ayna onu görmür.) Siz hara itdiz?.. Bunu necə başa düşüm, hə?.. (telefonun dəstəyini qapıb tələsik nömrələri yığır) Alo?.. Məni eşidirsiz?.. (əlacsız) Niyə susduz?.. Siz susanda, mən niyəsə elə bil… (xoflu baxışlarla ətrafına göz gəzdirir, sakitliyə diqqət kəsilir, astadan) …yoxa çıxmaqdan qorxuram. (Naməlum kəs Aynanın arxasında əcayib hərəkətlərlə tərpənir) Bayaq dediyiniz o təzə söz isə… (susur, ağlamsınır) O söz… (qəfildən nə isə hiss edib vahimə içində ayağa sıçrayır, döşəməyə oturduğu kreslonun altına baxır) …niyəsə mənə, yoxluqdan da qorxunc gəlir. (yazıq səslə) Məni eşidirsiz?.. (qəfildən əsəbi) Cavab verin! (yenə nə isə hiss edib diksinir, ayaqlarını qarnına qısır, yarıqaranlıq döşəməyə baxa-baxa, yazıq-yazıq) Axı siz bilirsiz. Bilirsiz ki, siz susanda elə bil həmişə… (ehtiyatla ətrafına baxır) …hardasa, nə isə hərəkətə gəlir…


Məkanın qaranlıq dərinliyindən Naməlum kəsin biri də peyda olur. O da həmin kəsik hərəkətlərlə yeriyib Aynanın yan tərəfində dayanır.


Ayna: (vahimə içində kreslonun üstünə sıçrayıb döşəməyə zillənir) Burda elə bil nə isə tərpənir. Eşidirsiz?.. (qəfildən nə isə anlamış tək) Bəlkə siz… (susur, qəzəblə) Siz yenə fikirləşirsiz??.. Axı söz vermişdiz?!.. (iri kəpənəyin çırpınmasını andıran əcayib səslərə dik atılır, vahimə içində döşəməyə baxır) …Burda döşəmədə… elə bil nə isə… Yox!.. Nələrsə tərpəşir… Onlar… (içini çəkib ağlamsınır) Mən o sözü deməyə qorxuram....
Naməlum
kəs: (bir addım irəli çıxıb əlini mədəsinin üstünə qoyur)) Burda dəhliz var!..


Ayna çığırıb dəstəyi tullayır, huşunu itirir. Naməlum kəs Aynanı qurğunun üstünə uzadır.
Məkanda Ayom görünür.


Ayom: (təngnəfəs) …Orda… onların… hər birində… Bizlərdə… (vaiməli bağırtıyla) …edamlar edilir!..


Uzaqdan, möhtəşəm izdihamın səsləri eşidilir, getdikcə itir.
İşıq enir. Məkana sakitlik çökür.
Qəfildən məkanın qaranlıq dərinliyindən Naməlum Kəsin biri də görünür. O kəsik addımlarla irəliyə çıxıb əlini mədəsinin üstünə qoyur.


Naməlum
kəs: Burda dəhliz var…


Ayna özünə gəlir, Ayomun üstünə şığıyıb onu yenidən qurğuya salmaq istəyir. Qadınlar vurnuxurlar. Abd özünü köməyə yetirir. Onun kimə kömək etdiyi anlaşılmır.
İşıq enir. Asma lampanın titrək işığında Məkanın dərinliyində nələr baş verdiyi anlaşılmır.
…Nəhəng sal şüşənin sınmasını andıran səsdən sonra Məkana qaranlıq çökür.


Ayom: (qaranlıqda səsi eşidilir) …Qorxuram…


Məkan aydınlaşır. Ayom təkdir. Tənha külək vıyıltısı eşidilir.
Hansısa uzaqlıqlardan ötüb keçən izdihamın səsi eşidilir və kəsilir.
Yağışın səsi eşidilir. Yağış bircə Ayom dayanan yığcam dairəyə yağır. Ayom ovuclarını yağış damlalarıyla doldurub içir, üzünə çəkir, ovuclarını yenidən doldurub saçlarına tökür. Musiqi. Sirli işıq əvəzlənmələri.


Ayom: (ovuclarına doldurduğu yağış damlalarına) Hə-hə, hər şey həqiqətən də belə olmuşdu. Əvvəllər mən elə bilmişdim sevdiyim anamdı. Sonra ərimə rast gəldim, dedim, olsun ki, ömrüm boyu onu sevirmişəmmiş. Sonra uşaqlarım oldu… (yağış damlalarının səsi) Dedim, bu, yəqin ki, onlardı?!.. (üzü işıqlanır) …Lakin bir gün… günlərin bir günü… günəş şüalarının solaxay kəsiyində... şimal küləklərinin aşağı istiqamətində, şimşək çaxıntılarının bərqləri axınında axır ki, anladım… (susur, ovcuna doldurduğu yağış damlalarını öpür) Anladı-ı-ım… Anladı-ı-ım!.. (məkandan çıxır, səsi bir müddət hardansa uzaqdan eşidilir və itir)




EPİLOQ


Ayna: (stolüstü lampanın işığında kiminləsə telefonla danışır. Səsi dəyişib)…Axır ki, qurtuldum o kabusdan! Dünyanı darısqal daxıl qutusuna döndərən o ruhi xəstədən!.. (rahatlıqla nəfəs dərir, səsi mülayimləşir) Həyat ki, bu qədər gözəldi?!.. (ətrafına nəzər salır, havanı qoxlayır) Nə yazıqlar ki, bu gözəlliyi, bu firavanlığı o görə bilmədi. Bu gözəllikdə dünyanı necə görməmək olar axı?!.. Bu al-əlvan, dadlı-məzəli həyatdan necə doymaq olar?.. Dadmaqla ki, o, bitmir?!.. Dadılası şeylər də… (üzü qəfildən dəyişir, bayağılaşır, çoxmənalı təbəssümlə gülümsəyir) o qədərdi ki… İnsanın buna ömrü çatmaz!..


Aynanın danışığı tədricən sürətlənir, hərəkətləri, mexaniki kukla hərəkətlərinə keçir. Daha sonra o, anlaşılmaz sözlərin və hərəkətlərin sürətinə dözməyib, sınıq elektron oyuncağı kimi lampanın üstünə yıxılır. Elə bu an, məkanın əks tərəfində stolüstü lampa yanır. Orda Abd telefonla danışır.


Abd: (boğula-boğula) …Bilirəm-bilirəm… Demək olar ki, artıq yox halındayam… Yalvarıram, heç olmasa, öz ölümümü verin. Mən ki, özümü yaxşı aparmışam?!.. Əmrinizdən çıxmamışam. Çox şey istəmirəm ki?! Öz ölümümlə ölmək istəyirəm, vəssalam. (sarsıntı içində) Ən çox qorxduğum - ölümümün səhv salınmasıdır. Bilirəm, bilirəm, az qalıb, amma bu ölüm mənə tanış gəlmir… Heç tanış gəlmir… (tədricən Abdın danışığı ləngiyir, səs tonu qalınlaşır və nəhayət ən asta sürətli, anlaşılmaz uğultuya çevrilir. Onun hərəkətləri də, rapid görüntüləri xatırladır… və sonda o, havası buraxılmış şar kimi lampanın üstünə yıxılır. Lampa sönür.)
Qaranlıqdan
tənha səs: Alo… Alo… Məni eşidirsiz?.. Eşidin məni!.. Sizə vacib xəbərim var. Bilin və agah olun: yaxın günlərdə sizi…



Hardansa xəttə dolan danışıq səsləri, tənha səsi eşidilməz edir.




SON

1 комментарий:

  1. "Часто, особенно в вечерние часы, проходя по людным, темным городским улицам, чувствую, как изредка посверкиваю короткими искорками…
    Я сверкаю…" И это заметно! .)

    ОтветитьУдалить