Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


понедельник, 1 июня 2009 г.

Böyük sufi, İmam Əli Qəzalinin moizələrindən çıxarışlar.


Deyirlər, Musa, Allah onu şad eləsin, bir dəfə necəsə İsrayıl övladları ilə söhbət edirmiş. Söhbət əsnasında, onlardan hansı birisə təsirlənərək, əynindəki pal-paltarı cırıq-cırıq edibmiş... Bu məqam Musa, Hamıdan Uca Allahın, ona dediyii bu Kəlamını eşidibmiş: «Ona de ki, Mənim üçün qoy o, paltarını yox, qəlbini cırsn…»


«Hədis ül - Qüds»


Hamıdan Uca Allahın Kəlamları barədə
Məhəmməd Peyğəmbərin söylədikləri

Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Mən o adama təəccüb edirəm ki...»

Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Mən o adama təəccüb edirəm ki, ölümlü olduğunu bilir, amma sevinir… o adama təəccüb edirəm ki, Hesabat Gününün əvvəl-axır gələcəyini bilir, amma mal-dövlət yığır… o adama təəccüblənirəm ki, qəbir evinin onun yolunu gözlədiyini bilir, amma əylənib şənlənir... O adama təccüb edirəm ki, Qiyamət gününün gələcəyini bilir, amma qəm çəkmir… o adama təəccüb edirəm ki, həyatın müvəqqətiliyini bilir, amma rahat yaşayır...
Mən o adama təəccüb edirəm ki, ayrılarının eyiblərındən qeyzlənir, öz qəlbinin eyiblərindənsə bixəbərdi… o adama təəccüb edirəm ki, o həqiqətən Hamıdan Uca Allahın ona baxdığını duyur, amma Ona tabe olmur… o adama təəccüb edirəm ki, öləndə, tək canıyla öləcəyini, qəbir evinə də təkbaşına daxil olacağını, hesabatını da tək bir özü verəcəyini bilir… amma xilasını insanlarda axtarır...»
«Həqiqətən Məndən savayı ayrı bir İlahiyyat yoxdu. Məhəmməd Mənim qulum və rəsulumdu...»

«Mən Sizləri Sizlərdə və bütün yaradılmışlarda yaratdım...»

Hamıdan Uca Allah deyir: «Mən Sizləri Sizlərdə və bütün yaradılmışlarda yaratdım ki, bununla Yeganə olduğumu sübuta yetirim... Bütün bu yaradılanlarda Mənə bənzəri yoxdu... Məhəmməd – Mənim qulum və rəsulumdu.
O kəs ki, Mənim hökmümdən narazıdı, demək Mənim sınaqlarıma dözümsüzdü, Mənim Rəhmimdən məmnun deyil, Mənim verdiklərimlə qane olmur. Onda qoy o kəs, ayrı bir Allaha - hər bir şeydə Mənə bərabər olanına itaət etsin.
Kim ki, bu dünyanın düyünlü işlərinə kədərlənir – o kəs Mənə qeyzlənir.
Kim ki, varlı adamın ayağına gedir və özünü o adamın qarşısında, onun var-dövlətinə görə alçaldır – o kəs inamının üçdə iki hissəsini itirmiş olur.
Kim ki, ölümlə barışmaq istəmir, əziz adamının ölümünə görə özünü döyür – o kəs əlinə nizə alıb mənimlə savaşa girir.
Kim ki, qəbir üstə bircə budaq qırır, o kəs öz əli ilə Mənim Kəbəmin girişini dağıdır... (Qəbir üstə bitən hər bir bitki, «təsbih»1 qılır, odu ki, onu qırmaq – günahdır.)
Kim ki, yaşamaq üçün qazandığı pulu, hansı yollarla əldə etdiyinə (halal, ya haram) əhəmiyyət vermir, o kəs Allahın, onu, Cəhənnəmin hansı qapısından içəri salacağının fərqinə varmır...
Kim ki, öz şəriətinə uyğun xeyirxah əməllərini artırmır, o kəs zərərə düşür, kim ki, buna da məhəl qoymur, o kəsin ölməyi məsləhətdi.
Kim ki, öz biliyini həyata keçirir, Hamıdan Uca Allah ona, onun bilmədiyi elmi də verir.
Kim ki, ümidlərələ yaşayır, o kəsin xeyir əməlləri də saxtadı…»

1 Allahın yad edilməsi

«Ey Adəm övladı!.. Azla qane ol...»

Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Azla qane ol ki, heç nəyə və heç kimə ehtiyaclı olmayasan, paxıllıqdan yaxa qurtar ki, rahat yaşayasan, qadağa olunmuşlardan uzaq dur ki, imanının sahmanı olsun...»

«Ey Adəm övladı, bil ki, kim ki, qeybətdən imtina edəcək, o kəsə Mənim Məhəbbətim əyan olacaq… Kim ki, insanlardan uzaq qaçacaq – o kəs onların dərd-bəlasından qurtulmuş olacaq.»

«Kim ki, azla qane olar, bil ki, o kəs yalnız Hamıdan Uca Allaha arxayın olar…»

«Ey Adəm övladı! Sən ki, bildiklərinə əməl eləmirsən, bəs təsəvvürünə belə gətirə bilmədiyin bir biliyi (ilahi bilik nəzərdə tutulur) necə əldə etmək istəyirsən?..»

«Sən bu dünyada elə çalışıb vuruşursan, elə bil sabahkı günü ölən - sən olmayacaqsan, var-dövləti elə yığırsan, elə bil əbədi yaşayacaqsan…»

«Ey, bu dünyanın olanlar!.. Qaçın, sizə tamah salan insandan!.. Sizdən qaçanlara sarı gedin, sizləri kənardan seyr edənin olun!..»


«Ey Adəm övladı!.. Kim ki, bu dünyanın olana görə qəm çəkirsə...»

Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Kim ki, bu dünyanın olana görə qəm çəkirsə, o kəs Allahdan uzaqlaşır... o kəs bu dünyada özünə əzab-əziyyət, O dünyada - yorğunluq qazanır.
Hamıdan Uca Allah o kəsin qəlbinə elə bir narahatlıq salır ki, o kəs o narahatlıqdan heç zaman qurtulmur… elə bir ehtiyac salır ki, o ehtiyacdan heç vaxt yaxa qurtara bilmir… elə arzular salır ki, o arzular gecə-gündüz onu rahat buraxmır...»

«Ey Adəm övladı! Sənin həyatın, hər gələn yeni günlə qısalır, sənsə bunu duymursan... Hər yeni gün Mən sənə, yaşayıb-dolanmağından ötrü imkanlar verirəm, sənsə Mənə şükür eləmirsən, azla qane olmursan, çoxla doymursan. Sənin elə bir günün yoxdu ki, onu, Mən sənin üçün qurub-nizamlamayım və elə bir gecən yoxdu ki, mələklər Mənə, sənin pis əməllərindən xəbər gətirməsinlər...
Sən, Mənim, sənin üçün yaratdıqlarımla qidalanırsan və Mənə itaət eləmirsən. Sən Məni köməyə çağırırsan, Mən hər dəfə sənə cavab verirəm. Sənə - Mənim xeyirxahlığım, Mənə isə - sənin pis əməllərin gəlib çatır…
Sənin nə yaxşı Qəyyumun varmış… və Mənim nə pis qulum varmış?!..
Sən Mənim, onsuz da sənə verəcəklərimi oğurlayırsan… Mənsə sənin pis əməllərini, bir-birinin ardınca ört-basdır edirəm…
Sənə görə Mən xəcalət çəkirəm, sənsə Məndən utanmırsan… Məni unudub, ayrılarını düşünürsən...
Sən insanlardan çəkinirsən, Məndənsə çəkinmirsən…
Sən insanların qəzəbindən qorxursan, Mənim Qəzəbimdənsə qorxmursan...»

«Ey Adəm övladı!.. Tövbə edib günaha batanlardan olma...»

Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Tövbə edib günaha batanlardan olma… əlvan ümidlərlə yaşayanlardan, heç bir xeyirxahlıq eləmədən, Əbədi həyat (Axirət) arzulayanlardan, sözdə möminlərdən olub, ikiüzlülərin əməllərinə sahib olanlardan olma.
Onlara nə verilsə də, onunla qane olmazlar. Onlardan nə isə əsirgəyəndə isə, səbrləri tükənər... Onlar xeyirxah əməllərdən danışarlar, özləri isə heç nə eləməzlər. Özləri, pis olanları yasaq edər, özləri də həmin o əməllərdən çəkinməzlər. Onlar yaxşı insanları sevərlər, özləri isə onlardan olmazlar. Onlar ikiüzlülərə nifrət edərlər, özləri isə onlardan biri olarlar…
O kəslər elə mətləblərdən danışarlar ki, özləri ona əməl etməzlər və elə işlərə girişərlər ki, onlara o buyurulmayıb. Onlar, verilən sözün əməl edilməsini tələb edərlər, özləri isə dediklərinə əməl etməzlər...
Ey Adəm övladı!.. Elə bir gün yoxdu ki, üzəri ilə yeridiyin yer sənə üz tutub deməsin ki: «Ey Adəm övladı!.. İndi sən mənim üstümlə gəzirsən, sabah isə səni mənim içimdə basdıracaqlar… Üstümdə səni, ehtirasların və nəfsin yeyir… içimdə isə səni həşəratlar yeyəcək... Axı mən iztirablar və sıxıntılar oyuğuyam… tənhalıq, sorğu-sual, zülmət və qaranlıqlar məskəniyəm… Mən ki, ilan - əqrəb yuvasıyam...»


«Ey Adəm övladı!.. Ey dinarlar və dirhəmlər qulları!..»

Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı!.. Ey dinarlar və dirhəmlər qulları!.. O dinarları və dirhəmləri sizlər üçün Mən yaratdım ki, onların köməyi ilə siz, Mənim nemətlərimlə qidalanasınız, onların köməyi ilə Mənim göndərdiyim geyimlərdən geyinəsiniz ki, bəlkə Mən yadınıza düşəm, Mənə minnətdar olasınız. Siz isə, Mənim Kitabımı (Quranı) əlinizə alırsınız və bir kənara qoyursunuz(Ona əməl etmirsiniz). Dinarları və dirhəmləri isə əlinizə alırsınız və onları hər şeydən ucada tutursunuz. Mənim evimdən (məscid) uca evlər tikirsiz…
Siz, yaxşılardan deyilsiz. Siz azad deyilsiz… dünya malının qulusunuz. Sizinlə görüş – üstü əhənglə əhənglənib ağardılmış, içi isə, çürüntü və çirkab dolu qəbirlərlə görüşə bənzəyir...
Siz, özünüzü insanlara da yaxşı tərəfdən göstərirsiniz, saxta nitqlərinizlə, gözəl ədalarınızla onların məhəbbətini qazanır, sonra özünüz də onlardan uzaqlaşırsınız. Qəlblərinizin qabalığını, ruhunuzun eybəcər hallarını gizlətmək üçün onlardan qaçırsınız…»

«Ey Adəm övladı! Gördüyün işi səmimi gör və Məndən istə!.. Həqiqətən, Mən sənə, istədiklərindən çox verərəm…»



«Ey Adəm övladı!.. Sizləri Mən, elə belə yaratmadım...»


Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı!.. Sizləri Mən, elə belə yaratmadım... Mən diqqətsiz deyiləm, Mən sizlər barədə hər şeyi bilirəm. Məndən ötrü nəfsinizə güc gəlib səbr göstərməsəniz, heç vaxt Məndə olandan qazana bilməyəcəksiniz. Sözümdən çıxdığınıza görə dözəcəyiniz iztirablardansa, Mənə itaətdə göstərdiyiniz səbr yüngüldü. Günahlardan çəkinmək - Mənə, Cəhənnəm əzabından qurtulmaqdan ötrü yalvarmaqdan asandı.»
«Ey Adəm övladı, bil ki, bu dünyada çəkdiyin əzablar, O dünyanın əzablarından qat-qat yüngüldü…»

«Ey Adəm övladı!.. Bil ki, Mənim, seçib haqq yoluna qoyduqlarımdan savayı, siz hamınız yolunu azmışlarsınız. Pis əməllərdən çəkindirdiklərimdən savayı, siz hamınız pislik yayanlarsınız. Siz gəlin, əl çəkin o əməllərinizdən və Mənə itaət edin. Mən xahiş edirəm, sizdən...
Siz gəlin, sirrlərinizi, Onun üçün Sirr Olmayana açmayın…»



«Ey Adəm övladı! Gör bir, ehtiraslar və nəfslər küləyi nə qədər çıraqlar söndürüb?!..»


Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Gör, bir ehtiraslar və nəfslər küləyi nə qədər çıraqlar söndürüb, şöhrətpərəstlik azarı nə qədər insanı yolundan çıxarıb, mal-dövlət nə qədər dövlətini azdırıb və kasıblıq nə qədər kasıbı məhv edib?!.. Nə qədər sağlamı, həmin o sağlam səhhəti öldürüb, nə qədər alimi öz biliyi məhv edib, nə qədər cahili cahillik yıxıb?!.. Bilin ki, Allah qarşısında diz çöküb dua edən qocalarınız olmasaydı, sizlərin göyünü mən dəmirdən edərdim ki, zəmiləriniz qupquru səhraya çevrilsin, torpaqlarınız yanıb külə dönsün. Göylərdən bircə damcı yağış göndərməzdim ki, torpağınız bircə toxum belə cücərdə bilsin...»


«Ey adəm övladı! İmanınız saflaşarsa, əməlləriniz də, qanınız və canınız da saflaşar...»

Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! İmamınız saflaşarsa, əməlləriniz də, qanınız və canınız da saflaşar. İmanınız yararsız olarsa, əməlləriniz də qanınız və cisminiz də yararsızlaşar...»

«Ey insan, özünü, insanlara işıq vermək üçün, odun əvəzinə yandıranlardan olma!.. Dünya sevgisini qəlbindən çıxar. Həqiqətən Mən, Mənə və dünyaya olan sevgini bir qəlbdə yerləşdirmirəm…»

«Dünya malına tamahında həddini aşma. Həqiqətən, o mal artıq çoxdan bölünüb... Tamahkar insan – bədbəxtdi, simic – miskindi. Allahın onlara Rəhmi, elə də uzun çəkməyəcək.»

«Dünya malına görə narahatlıq – böyük bəladı. Həyatın sonu (Axirət) – haqqdı.»

«Allahın verdiyi ən böyük müdriklik – tövbədi, ən dəyərli vari-dat - azla qane olmaqdı, ən doyumlu ərzaq – Allahdan qorxudu...»


«Ey Adəm övladı!.. Mənim yaratdıqlarıma lənət eləməyin...»


Hamıdan Uca Allah deyir:«Ey Adəm övladı! Mənim yaratdıqlarıma lənət eləməyin, o lənətlər sizlərin özünə qayıdar.

Ey Adəm övladı! Göylər Mənim (Buyğumla), adlarımdan biri ilə sütunsuz dayanır, sizlərin qəlbi isə, Mənim Kitabımın minlərlə ibrətindən sahmanlanmır ki, sahmanlanmır...»

«Ey insanlar! Daş sudan yumşalmadığı kimi, sizlərin də qəlbi mənim öyüdlərimdən yumşalmaq bilmir...»

«Ey Adəm övladı! Siz necə şəhadət verə bilərsiz ki, Hamıdan Uca Allahın qulusunuz, özünüz ki, Ona tabe olmursunuz?!..
Siz, ölümün haqq olduğunu necə təsdiq edirsiniz ki, özünüz ölümə nifrət edirsiniz?..
Siz, bilmədikləriniz haqqında danışırsız və bu hərəkətinizi, xırda və əhəmiyyətsiz hesab edirsiniz, bu isə Allah qarşısında böyük günahdı...»



«Ey insanlar! Allahınızdan Sizə Quran göndərilib...»


Hamıdan Uca Allah deyir:«Ey insanlar! Allahınızdan Sizə Quran göndərilib ki, inamsızlıqdan zədələnib azara düşmüş xəstə qəlbləriniz şəfqət tapsın.»

«Nədən sizlər, yalnız sizə yaxşılıq edənlərə yaxşılıq edirsiniz və yalnız sizlərlə yaxşı davrananlarla yaxşı davranırsınız?..
Niyə sizlər, yalnız sizlərlə danışanlarla danışırsız, sizləri yedirdənləri yedirdirsiz və niyə yalnız sizə hörmət edənə hörmət edirsiniz?.. Sizin ki, heç biriniz o birinizdən artıq deyil?!..»

«Həqiqətən möminlər – Allaha və Onun rəsuluna inananlardı. Bu, o kəslərdi ki, onlara pislik edənlərə də yaxşılıq edərlər, qohumluq əlaqələrini kəsənlərlə özləri əlaqə yaradarlar. O kəslərdi ki, onları bağışlamayıb, istədiklərini verməyənləri bağışlayarlar, onlara dönə-dönə yalan satanlara, dönə-dönə inanarlar… Onlardan üz çevirənləri dindirər, onları alçaldanlara hörmət edərlər…
Həqiqətən, sizlər haqqında hər şeyi bilən – Mənəm.»



«Ey insanlar! Həqiqətən bu dünya evsizlərin evidi...»


Hamıdan Uca Allah deyir: «Ey insanlar! Həqiqətən bu dünya evsizlərin evi, dilənçilərin səltənətidi.».

«Dünya malını ağılsızlar yığar, ona (dünya malına), arif olmayan kəslər sevinər, Allaha tapınmayanlar can atar. Ona olan ehtirasları biliksiz(ilahi bilik) kəslər axtarar.»

«Kimlər ki, müvəqqəti həyatın ötəri rahatlığına can atar, o kəslər özlərini darısqallığa salar. Bu kəslər - O dünyadakı həyatlarını unudub, bu dünyanın həyatına aldananlardı və demək aşkarda və gizlidə günaha batanlar onlardı. Həqiqətən, günahkarlar, öz əməllərinin cəzasını O dünyada çəkəcəklər...»
Ey Adəm övladları! Mənim buyurduqlarıma riayət edin və Mənim qanunlarıma uyğun hərəkət edin. Xeyirxah əməllər sahibi olun ki, O dünyada o əmllərinizə görə mükafatlandırılasınız.»

«Məndə elə bir şey var ki, onu gözlər görməyib, qulaqlar eşitməyib… Elə bir şey ki, insan təsəvvürü onu yaratmaqda acizdi... Mənim xəzinəm azalan, bitib qurtaran deyil. Mən, Bəxşkaram, Səxavətlilər Səxavətlisiyəm...»

Təfsir ül – Cəlaleyn («Əl-ənam surəsi 120 ayə»)



«Ey Adəm övladı! Mənə, Mənə olan ehtiyacınız qədər can atın...»


Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Mənə, Mənə olan ehtiyacınız qədər can atın. Məni - ömrünüzün uzanmasına, qismətinizə düşən taleyinizə, günahlarınızın gizli qalmasına məhəl qoymadan, Cəhənnəm odunun əzablarına dözə biləcəyiniz qədər eşitməyin. Var olan hər şey - yoxluğa məhkumdu. Tək bir Ondan savayı... Son qərarı verən Odu və bütün qayıdışlar ondadı...»

Təfsir ül – Cəlaleyn («Əl-qisas» surəsi 88 ayə)



«Ey siz, inanan kəslər! Niyə özünüz eləmədiklərinizi, o birilərə buyurursunuz?..»


Hamıdan Uca Allah deyir: «Ey siz, inanan kəslər! Niyə, özünüz eləmədiklərinizi o birilərə buyurursunuz?..
Siz nə qədər danışırsız!.. Özünüz də, dediklərinizin əksini edirsiniz?!..
Siz nə çox qadağalar qoyursunuz?!.. Özünüzsə, həmin o qadağaları pozursunuz?!..
Siz nə çox əmrlər verirsiz, özünüzsə onları icra etmirsiniz?!..
Siz, yeyə bilmədiklərinizdən nə çox yığırsınız?..
Tövbələrinizi, günü günə, ili ilə dəyişirsiz?!.. Sizlərə ki, borc vaxt verilməyəcək?!.. Ölümə zəmanətiniz varmı?.. Ya bəlkə, Cəhənnəmdən qurtulmağa bəraətiniz var?.. Yoxsa, əminsiniz ki, Cənnətlə qurtula biləcəksiniz?.. Bəlkə sizinlə, Uca Rəhimli arasında elə bir saziş var ki, Onun, sizlərə qarşı mərhəmətli olacağına əminsiniz?
Mərhəmət və nemət bolluğu sizləri korlayıb, təkəbbürlü edib, uzun ömür sürəcəyinizə əminliyiniz, sizləri aldadıb. Artıq siz, sağlam deyilsinz. Axı günləriniz də, alıb-verdiyiniz nəfəsiniz də çoxdan hesablanıb. İndi siz, yalnız payınıza düşən vaxtdan istifadə edirsiz...

«Ey Adəm övladı! Sənin həyatın, ana bətnindən çıxan gündən bəri günbəgün, damla-damla axıb yoxa çıxmaqda, sənsə günbəgün öz qəbrinə yaxınlaşmaqdasan… Pis əməllərindənsə, əl çəkmək billmirsən ki, bilmirsən...»

«Ey Adəm övladı! Sənin bu dünyada yaşamağın – şipşirin balın başına hərlənib–hərlənib, hər dəfə də dolaşıb, içinə düşən milçəyin uçuşuna bənzəyir...»



«Ey Adəm övladı! Sənə buyurduğum kimi yaşa...»


Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Sənə buyurduğum kimi yaşa və özünü, sənə yasaq etdiklərimdən qoru. Onda Mən səni əbədiyaşar edərəm və sən insanların qəlbində əbədi yaşayarsan.
Əbədi Diri və Ölməz olansa – Mənəm. Mən, nəyə «Ol!» deyərəmsə, o olar…»

«Ey Adəm övladı! Əgər sənin sözlərin gözəl, əməllərin çirkindisə, sən ikiüzlülük sultanısan. Əgər sənin zahirin yaraşıqlı, qəlbin çirkindisə, bil ki, sən - çarəsiz məhv olmuşlardansan.»

«Onlar elə bilirlər, Allahı aldadırlar. O isə hər şeydən agahdı və o kəslər bilmirlər ki, əslində onlar özləri özlərini aldadırlar…»

«Ey Adəm övladı! Bil ki, Cənnətə – yalnız Mənim Qüdrətim qarşısında diz çökən, gününü, Məni anmaqda keçirən, nəfsindən və ehtiraslarından Mənə görə çəkinən daxil olacaq…».

«Mən - qərib olan kəsə sığınacaq Verənəm, kasıbı Dolandıran, yetimi Yüksəldənəm. Bu kəslər üçün, rəhimli atadan Rəhimli Olan – Mənəm. Dul qadınlara incə, qayğıkeş ər olan – Mənəm.
Bu işləri həyata keçirən kəslərin dualarına diqqət yetirən - Mənəm.
O kəs Məni çağırarsa, Mən ona cavab verərəm. Məndən istəyərsə, Mən ona, onun istədiyindən artıq verərəm...»

Təfsir ül – Cəlaleyn («Əl-Bakirə» surəsi 9 - cu ayə)



«Ey adəm övladı! Sən Məndən kimə şikayətlənirsən?..»


Hamıdan Uca Allah deyir: «Ey adəm övladı! Sən Məndən kimə şikayətlənirsən ki, Mənə bərabər olanı yoxdu?!.. Nə vaxta qədər sən Məni unudacaqsan? Mən ki, bunu səndən tələb eləmirəm?..
Nə vaxta qədər sizlər Məndən imtina edəcəksiniz, Mən ki, Öz qulumu sıxıntılara salmıram?..
Nə vaxta qədər sən Mənim Rəhmimə şükür etməyəcəksən? Nə vaxta qədər sən Mənim Kitabıma məhəl qoymayacaqsan, Mən ki, səni əziyyətə salmıram?!..
Nə vaxta qədər Mənə qarşı hisiyyatsız olacaqsan?.. Nə vaxta qədər Məndən imtina edəcəksən, axı sizlərin Məndən savayı Allahı yoxdu?!..
Siz xəstələnəndə, sizi Məndən savayı hansı həkim sağaldacaq?..
Siz Məndən şikayətlənirsiz, Mənim dəyişilməz hökmümə qeyzlənirsiniz. Mən - sizlərə rəhm edib, toraqlarınıza bol yağışlar Göndərənəm!.. Sizsə deyirsiz ki, bu yağışları sizə hansısa ulduzlar verir. Axı Mən o yağışları sizlərə, Öz Mərhəmətimin müqabilində – lazım olan qədər, zəruri miqdarlarla göndərirəm?!..»

«…Sizlərdən birinə üç günlük ərzaq verəndə, o kəs: «Halım pisdi, heç yaxşı deyiləm...» - deyirsə, bu o deməkdi ki, o kəs Mənə, Mənim Rəhmimə şükür eləmək istəmir.»

«…Kim ki, öz mülkünə görə zəkat vermir - o kəs Mənim Kitabıma məhəl qoymur. O kəs ki, namazın vaxtının çatdığını bilir və onu qılmağa vaxt ayırmır - o kəs həqiqətən Məni unudub...»



«Ey Adəm övladı! Döz və itaət et...»


Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Döz və itaət et… Onda Mən yüksəldərəm səni. Mənə minnətdar ol və Mən, sənə daha çox verərəm. Sən Məndən üzr dilə, Mən sənin günahından keçərəm.
Məni çağırsan, Mən sənə cavab verərəm. Mənə itaət et, Mən sənin itaətini qəbul edərəm.
Məndən istə, Mən verərəm. Sənə əl açıb dilənənlərə əl tut ki, Mən də sənin taleyinə xeyir-dua verim. Qohumluq əlaqələrini qoru ki, Mən də sənin ömrünü uzadım. Məndən, uzun müddət sağlam olmağı, xilası, tənhalıqda tapmağı, başladığın işləri təmiz qəlbllə yerinə yetirməyi, Allaha itaətdə zahidliyi, azla varlı olmağı dilə...»

«Ey Adəm övladı! Əgər sən toxsansa, onda necə Allaha xidmət etmək arzusundasan?.. Sən Allahdan necə qorxa bilərsən ki, kasıblıqdan qorxursan? Bu dünyayla yaşaya – yaşaya, sən ilahiyyata necə can ata bilərsən? Simiclik edib kasıblara əl tutmaya - tutmaya, Allahın səndən razı qalmasını necə istəyə bilərsən?.. Dünya malını və tərifləri sevə-sevə, sən Cənnəti necə arzulaya bilərsən? Biliyin (ilahi bilik nəzərdə tutulur) çatışmadığı halda, sən necə və hansı ehtiraslarınla xöşbəxt olmaq istəyirsən? Xöşbəxtlik ki, O dünyadadı...»



«Ey insanlar! Qənaətçilik – ən böyük vardı...»


Hamıdan Uca Allah deyir: «Ey insanlar! Qənaətçilik – ən böyük vardı… Ən nəcib möminlik – qüsurlardan qorunmaqdı.»

«Hörmətdən uca sevgi yoxdu, itaətdən güclü havadar yoxdu. Bilikdən (ilahi bilik nəzərdə tutulur) üstün itaət yoxdu, Allah qorxusundan üstün dua yoxdu. Səbrdən üstün uğur yoxdu, Allah köməyindən böyük səadət yoxdu. Ağıldan üstün zinət yoxdu, həlimlikdən etibarlı sirdaş yoxdu.
Ey Adəm övladı! Özünü, Mənə ithaf et. Mən sənin qəlbini zinətləndirərəm, taleyini xeyir-duamla bəzəyərəm, bədəninə rahatlıq və dinclik verərəm. Məni anmaqdan yorulma… Məni unutmağa başlasan əgər, qəlbinə ehtiyac, bədəninə - yorğunluq və ağrılar, ruhuna - qayğılar və iztirablar hakim kəsilər.»
«Bilsən ki, yaşamağına nə qədər qalıb, qalan ümidlərindən imtina edərsən...»

«Ey Adəm övladı! Sən Mənə, Mənim Sənə verdiyim sağlamlığınla itaət edirsən və Mənim köməyimlə sən, Mənim, sənin boynuna qoyduğum vəzifələri yerinə yetirirsən. Məni eşitmək qabiliyyətinə malik olursan, Mənim istəyimlə arzuladığını arzulayırsan, Mənim istəyimlə sən, özün üçün nə isə istəyirsən.
Mənim saxavətimlə sən ayağa qalxırsan, oturursan, çölə çıxırsan, evinə qayıdırsan. Mənim saxavətimlə yaşayırsan, sənə verdiyim sağlamlıqla bəzənirsən. Bütün bunlardan sonra sən Məni yenə unudub kimisə düşünürsən...»




Ey adəm övladı! Ölüm sənin sirrlərini açacaq...



Hamıdan Uca Allah deyir: «Ey adəm övladı! Ölüm sənin sirrlərini açacaq, əməllərin Qiyamət günü saf – çürük olunacaq. Səni, cəzan ifşa edəcək.
İşlətdiyin günahların böyük-kiçikliyinə baxma, Kimin sözündən çıxdığını yadına sal.
Sənə verilən sınağın böyük-kiçikliyinə baxma, bax ki, o sınağı sənə Kim verib.
Kiçik günahlarına məhəl qoymayıb, onları xırda hesab eləmə, sən özün bilirsən ki, Onun sözündən çıxmağın günahının ölçüsü yoxdu.
Elə bilmə ki, Mənim Məkrimin təhlükəsindən uzaq düşmüsən. Həqiqətən bu, sənə – qara qarışqanın, gecənin zülmət qaranlığında qara daşın üzəriylə yeriməsindən daha görünməzdi…»

«Ey Adəm övladı! Mənim Qəzəbimi yadına salsaydın, Sözümdən çıxardınmı?.. Sənə yasaq etdiklərimdən çəkinirsənmi?..»

«Mənə olan borclarını, Mən deyən kimi, yerinə yetirirsənmi?..
Kasıbları, sənə verdiyim varınla ovundurursanmı?..
Sənə pislik edənə yaxşılıq edirsənmi?..
Səni incidəni bağışlayırsanmı?..
Səninlə əlaqəsini kəsən qohum-əqrabanla, özün əlaqə yaradırsanmı?..
Səni aldadanla ədalətlə davranırsanmı?..
Qonşularının işinə yarıyırsanmı?..
Alimlərdən, din və bu dünyanın həyatı barədə soruşursanmı?..
Həqiqətən, Mən sizlərin zahirinə, gözəlliyinə baxmıram, sizin qəlblərinizə nəzər salıram və bu keyfiyyətlərinizdən razı qalıram».


«Ey Adəm övladı! Özünə və Mənim bütün yaratdıqlarıma bax...»


Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Özünə və Mənim bütün yaratdıqlarıma bax... Əgər özündən qiymətli bir şey tapasansa, onun üstünlüklərini özünlə tutuşdur, yox, əgər tapmasan, ruhun sənə əzizdisə, tövbə et, özünü xeyir əməllərlə şərəfləndir.»

«Allahın sənə Rəhmini və sizlərin:«Biz Səni eşidirik və Sənə itaət edirik» deyərkən, səninlə bağladığı Sazişi yadına sal. (1)
Siz, Allahdan, Qiyamət günü üçün – həmin o Böyük Dirilmə Günü, fəlakətlər və bədbəxtliklər Günü, «müddəti - əlli min il uzanan Gün», (2) «…onların, öz xeyirlərinə heç nə deyə bilməyəcəkləri və onlara, öz müdafiələri üçün, onsuz da heç nə deyə bilməyəcəklərindən,(3) danışmağa icazə verilməyəcək» Gün üçün qorxun…» Bu, böyük fəlakətlər gətirəcək, dəhşətli fəryadların göylərə ucalacağı, «…üzlərin büzüşüb yığışacağı, alınların dərin qırışlar bağlayacağı bir Gündü…» (4) «Bir insanın o biri insana, nə əl tuta, nə də pislik edə biləcəyi, bütün qərarların və hökmlərin, tək bir Allahın əlində olacağı Gündü…»(5) «…Bu, dəhşətli zəlzələlər, qorxunc məhkəmələr günüdü, dağların lərzəyə gəldiyi, vaxtın sürətləndiyi, ağır cəzaların kəsildiyi, sonuncu qışqırığın göyə dağılacağı, körpə uşaqların saçlarının ağaracağı Fəlakət Günüdü…»


1.Təfsir ül Cəlaleyn – (Əl – Məyid surəsi, 7 – ci surə)
2.Təfsir ül Cəlaleyn – ( Əl Məric surəsi – 4 – cü ayə)
3.Təfsir ül Cəlaleyn – (Əl Mursalat surəsi – 35, 36 – cı ayə)
4.Təfsir ül Cəlaleyn – (Əl İnsan surəsi – 10-cu ayə)
5. Təfsir ül Cəlaleyn – (Əl İnfitar surəsi – 10 – cu ayə)





«Ey iman gətirənlər! Allahı tez-tez anın...»



Hamıdan Uca Allah deyir: «Ey iman gətirənlər! Allahı tez-tez anın, gecə və gündüz Ona şükür edin.»
«Ey Musa ibn İmran, ey izah edən, Dediklərimə qulaq as!
Mənimlə – taleləri (Ali Məhkəməni həll edən) həll edən Allahla, sənin aranda tərcüməçi yoxdu. Hamıdan Uca Rəhmlinin Qəzəbinin, Cəhənnəm odunu gücləndirdiyindən, insanları sən xəbərdar et...»

«Ey Adəm övladı! Əgər sən, qəlbində qabalıq aşkar edirsənsə, bədənində xəstəlik, ruzunun kəsilməsini, əmlakında çatışmazlıq hiss edirsənsə, bil ki, sən, sənə dəxli olmayanlar haqqında danışırsan.»

«Ey Adəm övladı! Sənin dilin həqiqəti deməsə, imanın həqiqi olmaycaq. Səninsə dilin, Allahından utanmayınca, həqiqəti söyləməyəcək…»

«Ey Adəm övladı! Əgər sən insanların eyiblərinə, öz eyiblərini unudub baxırsansa, bil ki, şeytana qulluq edirsən və Uca Mərhəmətlini qəzəbləndirirsən.»




«Ey Adəm övladı! Həqiqətən, şeytan, sizlərin düşmənidi...»



Hamıdan Uca Allah deyir: Ey Adəm övladı! Həqiqətən, şeytan, sizlərin düşmənidi. Ona, düşməninizə yanaşan tək yanaşın. Uca Rəhmlinin qarşısında kütlələrlə dayanacağınız günüzü yadınıza salın. Onun qarşısında, əllərinizdəki - əməllərinizin hərfbəhərf yazıldığı kitabları oxuya-oxuya, cərgələrlə dayanacağınız, gizlidə və aşkarda elədiklərinizə görə sorğu-suala çəkiləcəyiniz gününüzü unutmayın.»
Allahdan qorxanların, Uca Rəhmlinin hüzuruna toplayıb, günahkarları,- ilxını naxıra yollayan tək, kütlələrlə Cəhənnəmə Yollayacağımız günü yadınızdan çıxarmayın…» (1)

«Həqiqətən, Mən – Allaham… Mənə bənzəri yoxdu və Mənim hakimiyyətimə bərabəri yoxdu.
Mənə görə oruc tutana, Mən, Öz qidamdan verərəm.
Gecəsini mənə xidmətdə keçirənə, Mən, Öz Keyfiyyətlərimdən verərəm.
Yasaq etdiklərimə baxmayanı Mən, Öz Cəhənnəmimdən qoruyaram...»

«…Allah ¬– Mənəm… tanıyın, Məni! Yaradan - Mənəm, Mənə minnətdar olun. Qoruyan – Mənəm, Mənimlə qorunun. Xilaskar – Mənəm, niyə məndən kömək gözləmirsiz?
Mən – Bağışlayanam, niyə Məndən üzr diləmirsiz? Mən – Verənəm, niyə Məndən istəmirsiz? Mən – Duaya Layiqəm, niyə mənə dua etmirsiz? Mən – Bilənəm, özünüzü Məndən gözləyin...»




«Ey Adəm övladı! Allah öz əlamətləri ilə bildirir...»



Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Allah öz əlamətləri ilə bildirir ki, həqiqətən də Ondan savayı Allah yoxdur və mələklər də buna şahiddir. Bilik sahibələri də (peyğəmbərlər və digər möminlər) buna əmindirlər ki, Hamıdan Uca Allah ən yüksək ədalətlə İdarə Edəndir və (sübut edirlər ki) Qüdrətlilər Qüdrətlisi, Müdriklilər Müdriki Allahdan savayı ayrı bir allah yoxdur.»

«Xeyir əməl sahibi olanı Allah, Cənnətlə sevindirir.
Kim ki, Allahı həqiqətən dərk edir və Ona itaət edir, o kəs qurtulmuşlardandır.
Kim ki, şeytanı duyur, onu dərk edir və ona tabe olmur, o kəsə şeytan toxuna bilmir.
Kim ki, haqqı dərk edir və onun ardınca yollanar, o kəsi heç vaxt, heç yerdə təhlükə gözləmir.
Kim ki, saxta olanı dərk edir və ondan ehtiyat edir, o kəs qalib gəlir.
Kim ki, şeytanı və dünyavi həyatı dərk edir və onlardan üz çevirir, o, kəs xoşbəxtdir.
Kim ki, Axirət həyatının nə olduğunu dərk edir və daim onu gözləyir, o kəs doğru yoldadır.
Allah, həqiqətən, sevdiyi bəndəsini Doğru Yola yönəldər və sizlərin hamınızın qayıdışı Onadır.»

«Ey Adəm övladı! Əgər Allah sənin taleyini Öz Boynuna götürübsə, sən nədən belə nigaransan?
Əgər Allah əvəzini verəcəksə, bu nə simiclikdi?...
Əgər İblis, Hamıdan Uca Allahın düşmənidisə, onda bu nə laqeydlik, nə biganəlikdi?..
Əgər Cəhənnəm odunun cəzası varsa, bu nə rahatlıqdı?
Əgər Allahın mükafatı - Cənnətdirsə, onda niyə Onun sözündən çıxmalıyıq?
Əgər hər şey Mənim Yazımla yazılıbsa, bu nə narahtlıqdı?»
Bunu sizlərə açdıq ki, tutduğunuz günahlarınıza görə çox da kədərlənməyəsiniz, həm də Onun sizlərə olan Mərhəmətinə çox güvənməyəsiniz. Allah, özündənrazıları sevməz...» (2)



1. Təfsir – ül Cəlaleyn – ( Əl – İmran surəsi, 18, 19 – cu ayə)
2. Təfsir – ül Cəlaleyn – ( Əl – Hadid surəsi, 23 - cü ayə)




«Ey Adəm övladı! Azuqəni bol elə, yol həqiqətən uzundu...»



Hamıdan uca Allah deyir: «Ey Adəm övladı! Azuqəni bol elə, yol həqiqətən uzundu… Çalış, gecələri az yat, namaz qıl, dua oxu… dərya həqiqətən dərindi… (digər bir nəşrdə:«Gəmini dəyişin, həqiqətən, dərya dərindi…» - yazılıb) Saleh əməllər sahibi ol, həqiqətən, Sirat (Sirat – Cəhənnəmin üstündən keçən körpü) çox nazikdi. Gördüyün işlərdə səmimi ol, Baxan, həqiqətən, hər şeyi Görəndi…»

«Mənə sarı dünyanın olanlara nifrətinlə, möminlərə olan sevginlə yaxınlaş. Həqiqətən, Allah safqəlblilərin mükafatını əsirgəməz.»




«Ey Adəm övladı! Bu nemətlər – Mənim nemətlərimdi, sən də Mənim qulumsan...»




Hamıdan Uca Allah deyir:«Ey Adəm övladı! Bu nemətlər – Mənim nemətlərimdi, sən də Mənim qulumsan. Bil ki, Mənim sənə verdiyim - yeyib xərclədiyin, geyib-yırtıb dağıtdığın, yaxud, kasıblara paylamaqla qoruyub saxladığın vardan savayı, sənin heç nəyin yoxdu...»

«Mənim qarşımda sən üç hissədən ibarətsən:
birinci hissən - Mənim üçün, ikinci – özün üçün, üçüncü - ikimizin arasında olanıdı(ümumi).
Mənim olan – sənin ruhundu, sənin olan – sənin əməllərindi, Mənimlə sənin aranda olan – sənin duaların və Mənim o dualara cavabımdı.»

«Ey Adəm övladı! Allahını tanı, sənə verilənlə qane ol, onda məni duyacaqsan. Mənə itaət et – Mənə çatacaqsan. Məni axtar – tapacaqsan...»

«Ey Adəm övladı! Əgər sən – Cəhənnəmə, yolunu azdığına görə düşən hökmdarlardansansa, yaxud, Cəhənnəmə, Allahın sözündən çıxdığına görə düşən ərəblərdənsənsə, yaxud, Cəhənnəmə, paxıllığı ucbatından düşən alimlərdən, insanları aldatdağına görə düşən tacirlərdən, yaxud Cəhənnəmə, lovğalığına və ikiüzlülüyünə görə düşən sənətkarlardan, yaxud Cəhənnəmə, cahilliyinə görə düşən cəbaritlərdənsənsə , yaxud Cəhənnəmə, qüruruna görə düşən varlılardansansa, yaxud Cəhənnəmə, yalan danışdığına görə düşən kasıblardansansa, onda bəs Cənnəti axtaran kəs hardadı?..




«Ey imana gələn kəslər, Allahdan həqiqi qorxu ilə qorxun...»



Hamıdan Uca Allah deyir: «Ey imana gələn kəslər, Allahdan həqiqi qorxu ilə qorxun, Onu yada salıb şükür edin, Ona itaət edin. Öləndə də Allahın Tək və Yeganə olduğuna həqiqi inananlar kimi ölün.» (1)

«Ey Adəm övladı! Həqiqətən əmələ keçməyən bilik - yağış yağdırmayan şimşəklərə və göy gurultusuna bənzər.
Biliksiz əməl – barsız ağaca, biliyini həyata keçirməyən alim - yaysız kamana, əmlakından zəkat verməyən insan – qayada duz əkənə bənzər...
Axmaq adama moizə oxmaq – ləl-cəvahiratı yem əvəzinə, heyvanların qabağına səpməyə bənzər. Biliyi olan qaba insan - suya salınmış daşa bənzər...(2)
Eşitmək istəməyən kəsə moizə oxumaq - tütəyin qəbiristanlıqda çalınmasına bənzər.
Kim ki, dilənçiyə verdiyi pulu, haram yolla qazandığı gəlirdən verər, o kəs, paltarının çirkini, sidiyi ilə təmizliyənə bənzər.
Zəkatsız namaz - ölü bədənə bənzər. Tövbəyə gəlməyən alim - özülsüz binaya bənzər…
Yəni doğurdanmı bu kəslər özlərini, Allahın məkrindən qorunmuş hesab edirlər? Yoxsa, özlərini, Allahın məkrindən qorunmuş kimi aparanlar - tək bir azanlar və məhvə düçar olanlardı?..»





«Ey Adəm övladı! Mənim sənə münasibətim – sənin qəlbinin, dünyavi olanlara meyli və Mənə olan sevgisi ilə bağladı...»




Hamıdan Uca Allah deyir: «Ey Adəm övladı! Mənim sənə münasibətim – sənin, qəlbinin, dünyavi olanlara meyli və Mənə olan sevgisi ilə bağladı. Həqiqətən Mən, Mənə olan sevgiylə, dünyavi olanlara sevgini bir qəlbə salmıram...»

«Ey Adəm övladı! Allahını tanı ki, Məni tanıyasan. Aclıq et və sən Məni görəcəksən. Özünü, bütünlüklə Mənə sitayişə ithaf et, Mənə çatacaqsan. Gördüyün hər işdə səmimi ol və işini, Məni yada salmağa sərf et, Mən səni mələklərin qarşısında yada salacağam.»

«Ey Adəm övladı! Sənin qəlbində hər şey var, bir Allahdan savayı… Sənsə ümidini Allaha bağlamırsan. Nə vatacan: «Allah - hamıdan böyükdü…» - deyib, Ondan yox, o birilərdən qorxacaqsan?..
Əgər sən həqiqəti dərk etsəydin, Allahdan savayı heç nə haqda düşünməzdin, Allahdan savayı, bir kəsdən qorxmazdın və sənin dilin, Allahı yad etməkdən yorulmazdı.
Həqiqətən, günahları, yalançı peşmançılıqla yuyub aparmaq mümkün deyil. Əgər sən Cəhənnəmin odundan, kasıblıqdan qorxan kimi qorxsaydın, Mən sənə, sənin gözləmədiyin yerdən tale yazardım...
Ey Adəm övladı! Əgər sən Cənnəti, dünyavi olanları arzuladığın kimi arzulasaydın, Mən səni hər iki dünyada xöşbəxt edərdim.
Əgər sizlər Məni, bir-birinizi yada salan qədər, salsaydınız, mələklər sizi gecə və gündüz salamlayardılar. Əgər siz, Mənə sitayişi - dünyavi olanları sevən tək sevsəydiniz, Mən sizi – elçilərim qədər qiymətləndirərdim…»

«Ey insanlar, qəlblərinizi dünyavi olanlarla doyurmayın, Axıra az qalıb...»



«Az–az etdiyiniz günahlardan çəkinməkdə səbrli olmaq...»


Hamıdan Uca Allah deyir: «Az-az etdiyiniz günahlardan çəkinməkdə səbrli olmaq - Cəhənnəmin uzunmüddətli əzablarına dözməkdən asandı. O Yerin əzabları həqiqətən qaçılmazdı...(1) Sənin səbr və itaətinsə sənə, əbədi səadət tapacağın uzun müddətli istirahət və dinclik gətirəcək.»

«Ey Adəm övladı! Sən, Mənim sənə əmanət verdiyimdən, nə qədər ki, hələ o birini verəməmişəm, (nə qədər ki, sən dirisən) arxayın ola bilərsən.
Nə qədər ki, Mən, səndən imtina etməmişəm, sən gəl, dünyavi olanlardan əl çək. Qorxunc Qiyamət Gününə üzüağ çıxmaqdan ötrü, şübhəli olanlardan qaç. Qəlbini, Axirət həyatının xatırlamalarıyla boya. Axı həqiqətən, sənin, qəbir evindən savayı, ayrı bir evin yoxdu?!..»

«Ey Adəm övladı! Kim ki, Cənnəti arzulayır, yaxşı əməl sahibi olmağa tələsir.
Kim ki, Allahdan qorxur, pis işlərdən çəkinir.
Kim ki, ehtiraslardan qorunur – ən yüksək pilləyə (dərəcəyə)çatır.»

«Ey Musa ibn İmran! Əgər bəla səni, təmiz olmadığın məqamda yaxalayarsa, buna görə yalnız özündən küs…»

«Ey Musa! Yaxşı əməllərin azlığı – ən böyük ölümdü.»

«Ey Musa! Kim ki, məsləhət istəməz, o kəs peşman olar… Kim ki, Allahdan kömək istəyər, o kəs peşman olmaz.»







«Kim ki, əməlinə görə şöhrət axtarır...»



Hamıdan Uca Allah, Qüdrətli və Böyük olan O, deyir: «Kim ki, əməlinə görə şöhrət axtarar, o kəs, suyla dolu kuzəni kürəyinə alıb dağa dırmaşana bənzəyər. O kəs, kürəyində su, daşımaqdan yorulsa da, dağa tökülən su dağı yumşaltmadığı kimi, Allah da o kəsin əməllərindən yumşalmaz…»

«Ey Adəm övladı! Bil ki, Mənə görə sidq-ürəklə elədiklərindən savayı, sənin heç bir əməlini Mən qəbul etməyəcəyəm… Həqiqətən, təmiz və səmimi insanları böyük səadət gözləyir!..»

«Ey Adəm övladı! Əgər görsən ki, qapını kasıblıq döyür, sən ona: «Xoş gəlmisən, ey möminlik əlaməti!..» - de.
Görsən ki, qapını var-dövlət döyür, sən ona:«Əzabları tezləşdirən günahlarımdı gələn…»-de.
Qapında xoşagəlməz qonaq görəndə, sən ona:«Mən lənətəgəlmiş şeytandan Allaha tapınıram!»-de.

«Ey Adəm övladı! Var-dövlət mənə məxsusdu, sənsə Mənim qulumsan. Qonaq – Mənim Rəsulumdu. Sən qorxmursan ki, Mən səni Öz Mərhəmətimdən məhrum edərəm?..»

«Sənin taleyini Mən yazmışam. Sən Mənə minnətdar olub şükür eləməlisən ki, bunun faydasından özün bəhrələnəsən. Axı niyə sən Mənə, sənə verdiklərimə görə şükür eləmirsən?»

«Ey Adəm övladı! Sənin üzərinə üç vəzifə düşür:
əmlakından zəkat vermək;
qohumlarınla yaxşı münasibətlər qurmaq;
ailənin və qonaqlarının qarşısında borclarını yerinə yetirmək.
Əgər sən, Mənim sənin boynuna qoyduğum bu vəzifələrini yerinə yetirməsən, Mən sənin cəzanı bütün dünyalar üçün dərs edərəm.»

«Ey Adəm övladı! Əgər sən, qonşun qarşısında olan borclarını, ailən qarşısında olan borcların tək, yerinə yetirməsən, Mən sənə tərəf baxmaram, qalan yaxşı əməllərini də qəbul etmərəm, dualarını cavabsız qoyaram...»

«Ey Adəm övladı! Özünəbənzərlərə bel bağlama, yoxsa, Mən tərəfdən imtina edilərsən, özünəbənzərlərin himayəsinə keçərsən...»

«Yaratdıqlarıma üstdən-aşağı baxma… Həqiqətən, sənin özülün bir gilə nüftə toxumasından qoyulub…»

«Qadağa etdiklərimə baxma, soxulcanlar ilk əvvəl gözləri yeyər…»

«Bil ki, sən, baxdıqlarına və meyl salıb bağlandıqlarına görə əvvəl-axır hesabat verəcəksən. Odu ki, Mənim qarşımda dayanacağın sabahkı gününü düşün. Həqiqətən Mən, sənin gizli fikirlərindən bir anlıq da olsa, xəbərsiz olmuram, çünki Mən, sizlərin qəlbində olanlardan agaham…»





Ey Adəm övladı! Mənə xidmət et...


Hamıdan Uca Allah, O, hamıdan Qüdrətli və Böyükdür, deyir: «Ey Adəm övladı! Mənə xidmət et, həqiqətən Mən, Mənə xidmət edəni sevərəm və Öz qullarımı ona xidmət etməyə məcbur edərəm.
Həqiqətən, sən, öz keçmiş həyatında Mənim Sözlərimə nə qədər əməl etdiyindən və gələcək həyatında nə qədər əməl edəcəyindən bixəbərsən.
Məni unutma, həqiqətən Mən, istədiyimi edənəm. Mənə baş əy, həqiqətən sən mənim qulumsan, Mənsə - Böyük Allah…»

«Əgər Adəm nəslindən olan dostlarının və əzizlərinin, sənin günahlarından zərrə qədər xəbəri olsaydı, yaxud Mənim onlar haqqında bildiklərimi bilsəydilər, onlar heç vaxt sənə yaxın gəlməzdilər, səninlə dostluq eləməzdilər. Və indi əgər sənin günahların günbəgün artırsa, həyatınsa, doğulduğun andan bəri, günbəgün azalırsa, onda bəs necə olsun?..»

«Ey Adəm övladı! O kəs ki, gəmisi qəzaya uğrayıb və o, geriyə - dəniz dalğalarının arasıyla üzən bircə şalbanın üstündə qayıdıb, bil ki, o kəsin halı səninkindən qat-qat yüngüldü. Odu ki, günahlarına hesabat ver və hərəkətlərində ehtiyatlı ol.»

«Ey Adəm övladı! Mən sənin rahatlığının, işlərinin qayğısına qalaram. Mənim ki, sənə ehtiyacım yoxdu, sənin Mənə ehtiyacın var. Bununla belə, sən yenə Məni eşitmirsən...»

«Ey Adəm övladı! Sən nə vaxta qədər özünü göstərəcəksən?..
Sən, bir azdan yoxa çıxacaq dünyanı qurub bəzəyirsən və bununla, heç vaxt yoxa çıxmayacaq Əbədi Həyatını məhv edirsən… Sən, insanların işinə yarımağa can atırsan, onların qəzəbindən qorxursan.
Ey Adəm övladı! Yerin və Göyün sakinləri Məndən, sənin günahlarının bağışlanmasını xahiş etsələr belə, sən onsuz da, tutduğun günahlarına görə Mənim qarşımda ağlayacaqsan. O səbəbdən ki, sən, Mənim hüzurumda hansı vəziyyətdə olacağını bilmirsən…»

« Ey İmranın oğlu Musa! Qulaq as, Mən nə deyirəm… Mən yalnız həqiqəti deyirəm…
Nə qədər ki, insanlar bir - birinin pisliyindən, bicliyindən, qeybətindən və təzyiqindən qorunmuş olmyacaq, Mənim qullarımdan heç biri Mənə kamil dərəcədə inanmayacaq…
Ey Musa! Sən, sənə nazil olanı de… Sizlərin Allahından nazil olan həqiqəti de: Qoy, kim istəyir, inansın, istəməyən kəs - naqis qalsın.» (1)





Ey Adəm övladı! Sən iki rəhm arasındasan...



Hamıdan Uca Allah, O Qüdrətli və Böyükdür deyir: «Ey Adəm övladı! Sən iki rəhm arasındasan və bilirmisən ki, bunların hansı sənin üçün daha əhəmiyyətlidi:insanlardan gizli qalan günahların, yoxsa həyatından məmnunluğun və gözəlliyin?..
Əgər insanlar Mənim, sənin haqda bildiklərimi bilsəydilər... Lakin bundan daha vacibi – sənə verilən sağlamlıq, insanlara ehtiyacsızlıq, onların sənə olan ehtiyacı və sənin, onların zərərindən qorunmağındır.
Mənə şükür elə, sənə verdiyim bu nemətlərin qiymətini bil, gözə kül üfürən əməllərini yığışdır, aclıqdan qorxan yolçunun ərzağıyla ehtiyatlan və Mənim Arşınımla ölçülmüş əməllər sahibi ol.»

«Ey Adəm övladı! Ölü qəlbləriniz, sizin əməllərinizdən ağlayır, əməlləriniz, sizin bədənlərinizdən ağlayır, bədənləriniz, sizin dilinizdən ağlayır, diliniz, sizin gözlərinizdən ağlayır...»

«Ey Adəm övladı! Mənim xəzinəm bitib-tükənən deyil. Sən o birilərə nə qədər xərcləyəcəksən, mən də sənə bir o qədər xərcləyəcəm, nə qədər qənaət edəcəksən, səndən bir o qədər kəsəcəyəm.
Simicliyin səbəbi, sənə, ətrafındakı ehtiyaclılar üçün verdiklərim barədə səhv qənaətlərin, yaxud kasıblıqdan qorxun, yaxud, mənə olan inamsızlığındı... Həqiqətən, sənin əsas narahatlığını - qazanc narahatılığını səndə Mən yaratdım… Qazancın üçün narahat olanda, ruzunu sənə Mən verirəm. Sən xərclə, Mənim sənə verdiyim ruzuya görə simiclik eləmə, onu Mənim qullarım arasında ədalətlə bölüşdür. Sənə, ədalətlə xərclədiyinin əvəzini verəcəyimə Söz Verirəm.»

«Kim ki, Mənim Sözümə inanmır, Mənim Peyğəmbərlərimə inanmır, o kəs Mənim Allahlığıma inanmır. Mənim Allahlığıma inamayan kəsi Mən, Cəhənnəmə üzüqoylu atıram…»





«Ey Adəm övladı! Mən – Allaham və Məndən savayı ayrı allah yoxdu...»




Hamıdan Uca Allah deyir :«Ey Adəm övladı! Mən – Allaham və Məndən savayı ayrı allah yoxdu. Mənə itaət et, Mənə şükür et və naşükür olma.
Ey Adəm övladı! Kim ki, mənim övliyamla düşmənçilik aparır, o Mənimlə savaşa girir.
Mənim Qəzəbimi o kəs gücləndirir ki, Məndən savayı köməyi olmayan insana zülm eləyir.
Kim ki, Mənim ona verdiyim ruzudan məmnun qalır, mən onun ruzusunu artıraram və dünyavi olanlar, o istəməsə də, ona sarı can atar…»




«Ey Adəm övladı! Əlini ürəyinin üstə qoy...»



Hamıdan Uca Allah, O, Qüdrətli və Böyükdür, deyir: «Ey Adəm övladı! Əlini ürəyinin üstə qoy və özünə arzuladığını o birinə də arzula.»

«Ey Adəm övladı! Sənin axırın ölümdü. O,(Ölüm) özünü sənə yetirənədək, Ona işlə...»

«Ey Adəm övladı! Mən, sənin bədənində, qidasını müəyyənləşdirmədiyin elə bir üzv yaratmadım…»

«Ey Adəm övladı! Əgər Mən səni kor yaratsaydım, sən qəm çəkərdin, kar yaratsaydım, karlıqdan qəmlənərdin. Mənim sənə olan Mərhəmətimin böyüklüyünü dərk et. Mənə şükür et və naşükür olma. Sənin ki, son qayıdışın Mənədi…»

«Ey Adəm övladı! Sən, Mənim sənin üçün ayırdığımı axtarmaqda özünə əziyyət vermə və bil ki, Mənim, sənin üçün ayırdığımın, özü gəlib səni tapacaq və səni artıqlamasıyla qane edəcək…»

«Ey Adəm övladı! Mənim adımla yalançı vədlər vermə. Mənim adımla yalançı vədlər verəni Mən, Cəhənnəmə vasil edərəm.»

«Ey Adəm övladı! Sən gəl, Məndən, sabahkı günün üçün ruzu tələb eləmə, Mən ki, səndən, sabahkı gün edəcəklərini tələb eləmirəm?!..»

«Ey Adəm övladı! Mən sənin ən xırda əməllərindən razı qalıram, sənsə, Mənim bu qədər nemətdən narazısan…»

«Ey Adəm övladı! Əgər Mən, bütün dünyanı, Mənim qullarımdan hansınasa verməli olsaydım, Mən onu, Öz Peyğəmbərlərimə verərdim ki, onlar Mənim qullarımı, Mənə itaətə və Yazımın icrasına səsləsinlər.»

«Ey Adəm övladı! Ölüm özünü sənə yetirənəcən, çalış, xeyrinə işləyən əməllər sahibi ol və bil ki, o əməllərin səni yarı yolda qoymayacaq, onların nəticəsini sən, həqiqətən, Axirətində görəcəksən.»

«Ey Adəm övladı! Başını, dünya həyatıyla və nə vaxtsa tövbə edəcəyinə ümidlərlə qatma, yoxsa, onu (tövbəni), sənin köməyinə gələcəyin vaxta saxladığına peşman olarsan.»

«Ey Adəm övladı! O vaxt ki, sən, Mənim sənə verdiyim vardan ayırıb kənara qoymursan və kasıbları, onlara düşən paylarından məhrum edirsən, o vaxt Mən sənə - səndə olanları əlindən alacaq qəddar insan göndərərəm və bil ki, əlindən alınanlara görə, sənə əvəzi verilməyəcək.»

«Ey Adəm övladı! Əgər sən, Mənim Rəhmimi diləyirsənsə, Mənə davamlılıqla itaət et. Mənim Cəzamdan qorxursansa, Mənim Sözümdən çıxmaqdan çəkin.»

«Ey Adəm övladı! Dünyavi olanlar barədə düşünərkən, ölümünü yadına sal.
Niyyətin günahlı olanda, tövbə edəcəyini yadına sal.
Var-dövlət əldə edəndə, Qiyamət günündə verəcəyin hesabatı yadına sal.
Süfrə arxasında oturanda, acları yaında sal.
Nəfsin səni, zəiflər üzərində zora səsləyəndə, Allahın, sənin üzərində Qüdrətini yadına sal.
O (Allah) ki, istəsə Onu (Qüdrətini) sənin əlehinə yönəldər. Bəlaya düşəndə: «La hövlə və la qüvvətə illah billahi əliyil əzim.» (Hamıdan Uca Allahın köməyi olmadan, şərdən qorunub, xeyirə sığınmağa gücüm çatmır.) sözləriylə özünə kömək dilə. Xəstələnsən əgər özünü, kasıblara əl tutmaqla sağalt, çətinə düşəndə: «İnnə li İlləyhi və innə illəyil rəcciunə.» (Biz həqiqətən Allaha məxsusuq və qayıdışımız onadı.» - sözlərini de.




«Ey Adəm övladı! Yaxşılıq et...»



Hamıdan Uca Allah, O Qüdrətli və Böyükdür, deyir: «Ey Adəm övladı! Yaxşılıq et, həqiqətən Cənnətin açarı və Ora aparan yolun əvvəli elə budu.
Pislikdən çəkin, həqiqətən Cəhənnəmin açarı və Ora aparan yolun əvvəli odu.»

«Ey Adəm övladı! Bil ki, sən bu gün nə tikib-qurursansa, bir gün sökülüb dağılacaq… Həqiqətən, sənin həyatın da beləcə, sökülüb dağılacaq.
Sənin bədənin, torpağınkıdı, yığıb topladıqlarınsa, vərəsələrinin...
Sənin yığıb topladıqlarının ləzzəti o birilər üçündü, hesabatı isə, nə qədər ki, hesabat verməmisən, səninkidi. Yığıb topladıqlarının cəzası da, peşmançılığı da səninlədi.
Bil ki, qəbir evində sənin yeganə havadarın, sənin əməllərin olacaq. Nə qədər ki, sorğu-suala çəkilməmisən, hesabatı ilk əvvəl özünə ver.
Özünü, Mənə tabe olmağa məcbur elə, Mənim sözümdən çıxmaqdan çəkin, Mənim sənə verdiklərimlə qane ol və Mənə şükür edənlərdən ol…»

«Ey Adəm övladı! Kim ki, günahı gülə-gülə törədir, Mən onu Cəhənnəmə, ağlada-ağlada göndərərəm.
Kim ki, Mənim hüzurumda Allah qorxusuyla ağlayar, Mən o kəsi Cənnətə şad-xürrəm daxil edərəm.»

«Ey Adəm övladı! Nə qədər dövlətli, Qiyamət günündə özünə kasıblıq arzulayıb, Ölüm nə qədər qəddar hökümdarı diz üstə çökdürüb?!..
Nə qədər şirin arzuların tamını Ölüm acı edib, bu dünyanın naz-nemətinə şirələnən nə qədər insanı qəm-qüssəyə salıb?!..
Bu dünyanın, sonu kədərlə bitən nə qədər həzzləri var?!..»

«Ey Adəm övladı! Əgər heyvanlar, Ölüm haqqında, sizlərin bildiyi qədər bilsəydilər, onlar acından və susuzluqdan öləncən, qidadan da, sudan da imtina edərdilər.»

«Ey Adəm övladı! Əgər sənə ölümdən və iztirabdan savayı ayrı bir şey yazılmasaydı, sən, gecələri rahat yatıb, gündüzləri hərəkətdə olmazdın. Bəs o necə olsun ki, bundan (Ölümdən) sonra daha çətini gəlir?!..»

«Ey Adəm övladı! Sən gəl, ölüm sevincini - əbədi həyatda qazanacağın nemətin hesab et... Qoy sənin qəm-kədərinin səbəbi - bu dünyada elədiyin yaxşı əməllərinin azlığı olsun. Sən gəl, dünyavi olanları qazandığına sevinmə, yaxud onlar (dünyavi olanlar) əlindən çıxdığına görə qəm yemə.»

«Ey Adəm övladı! Mən səni torpaqdan yaratdım, səni ora da qaytaracağam, səni ordan da dirildəcəyəm. Dünyavi olanlarla xüdahafizləş və Ölümə hazır ol…»

«Bil ki, Mən öz qulumu həqiqətən sevəndə, dünyavi olanı ondan uzaqlaşdıraram və bu qulumdan, Əbədi Həyat üçün istifadə edərəm. Mən ona, bu dünya həyatının naqisliklərini göstərərəm ki, o onlardan çəkinib, Cənnət əhlinin sahib olduğu əməllər sahibi olsun və Mən, o kəsi, Öz Mərhəmətimlə Cənnətə daxil edərəm.
Quluma qəzəblənsəm əgər, Mən onu, Məni unudub, dünyavi olanlarla əylənməyə məcbur edərəm və ondan, dünyavi olanlar üçün istifadə edərəm və bil ki, o kəs, Cəhənnəmi qazananlardan olar, Mən onu Ora vasil edirəm.»

«Ey Adəm övladı! Hər bir həyat, nə qədər uzun olsa belə, əvvəl-axır bitib başa çatacaq. Dünyavi olanlarsa, kölgəyə bənzər, onların ömrü uzun çəkməz. Onlar çəkilib gedəcəklər və bir daha sənə qayıtmayacaqlar...»

«Ey Adəm övladı! Bil ki, səni yaradan – MƏNƏM. Sənin ruzunu müəyyən edən – MƏNƏM. Sənin canını alan – MƏNƏM. Səni, ölülərin arasından seçib dirildən – MƏNƏM. Səni sorğu -suala çəkən – MƏNƏM…

«Ey Adəm övladı! Bil ki, sən öz xeyrinə, yaxud zərərinə nə isə eləməkdə acizsən… (1) Nə ölümündə, nə yaşamağında, nə də Qiyamət günü dirilməyində heç nəyi dəyişə bilməzsən.»

«Ey Adəm övladı! Mənə tabe ol, Mənə xidmət et və öz qismətindən nigaran qalma, Mən onu sənə, yetərincə nəsib edərəm. Sən gəl, sənə artıq çoxdan ayrılmış payına görə narahat olma...»

«Ey Adəm övladı! Sən, görə bilmədiyin bir işə görə, ala bilmədiyin mükafatı qazanmaq istəyən təki, sənə yazılmayanı necə qazanmaq istəyirsən?»

«Ey Adəm övladı! İnsan, son ucu ölüm olan bu dünyanın hansı işinə və necə sevinə bilər? Əbədi mənzili qəbir olan insan, bu dünyadakı mənzilinə necə sevinə bilər?..»

«Ey Adəm övladı! Sənə, şükranlığınla nəsib olan cüzi qismət, naşükürlüklə qazanılan var-dövlətdən faydalıdı.»

«Ey Adəm övladı! Bil ki, sənin ən üstün varın – O dünyaya özündən əvvəl göndərəcəklərin, ən dəyərsiz varın – ölümündən sonra bu dünyada saxlayacaqlarındı. Sən gəl, yaxşı işləri, ölüm səni haqlamamış, yetir… Bil ki, sən onları Məndə tapacaqsan.»

«Ey Adəm övladı! Kim ki, narahatdı – onun narahatlığını yüngülləşdirən – MƏNƏM.
Kim ki, əhv diləyir – onu bağışlayan – MƏNƏM.
Kim ki, tövbə edir, onu günahdan çəkindirən – MƏNƏM.
Kim ki, çılpaqdı, ona paltar geyindirən – MƏNƏM.
Kim ki, qorxur, onu qorxudan qurtaran – MƏNƏM.
Kim ki, acdı, onu doyanacan yedirdən – MƏNƏM…»

«Ey Musa! Kim ki, kasıbların və yetimlərin əmlakları hesabına varlanır, Mən o kəsi O dünyada ehtiyaclı edərəm və ona iztirablar verərəm.
Kim ki, kasıblarla, zəiflərlə pis davranır, Mən onun qurub düzəltdiklərini dağıdıb sökərəm, özünü də Cəhənnəmə vasil edərəm…»

Həqiqətən bunlar, əvvəlki yazı bükülülərində – İbrahimlə, Musanın yazdıqlarında öz təsdiqini tapıb. (İbrahim üçün 10 yazı bükülüsü və Musa üçün «Tövrat»)

1. Sən özünü öldürmək, yaratmaq və diriltmək iqtidarında deyilsən.
2. Saleh əməllər üçün xərclədiklərin
3. Təfsir – («Əl - Əla» surəsi, 18, 19 ayə)

Комментариев нет:

Отправить комментарий