PREZİDENT
- Ümidlə gözləyəcəyik... ümidimiz gözləməkdi... ümidsizlik gözləməməkdi... gözləmək – ümidli olmaq deməkdi... – deyə-deyə geriyə çəkilib qapını astaca bağladı... bir müddət əli qapının, qılınc dəstəyinə oxşar gümüşü qulpunda, ürəyi döyünə-döyünə dayanıb gözlədi.
Qapının o üzündəki nəhəng stolun arxasında oturub əsəbilikdən, ya da ola bilər, adi yorğunluqdan ağarmış bəniziylə onun son sözlərini dinləyən Prezidentin daha nə isə deyəcəyini gözlədi...
Qapının o üzü səssizlik idi.
Qulağını qapıya dirəyib o üzə diqqət kəsildi və az qaldı vahimədən bağrı yarıla...
O üzdən bülbül səsi gəlirdi.
Dizləri titrəyə-titrəyə əyilib içəri açar dəliyindən baxdı.
Prezident bayaqkı vəziyyətində – əsəbilikdən, ya da ola bilər, adi yorğunluqdan ağarmış bəniziylə nəhəng stolunun arxasında oturmuşdu, gözlərini naməlum nöqtəyə zilləyib, dodaqlarını quş dimdiyi kimi irəli uzadıb, bülbülsayağı fit çalırdı...
Ha istədi əlini qapının qulpundan çəkə, əli qulpdan qopmadı. Əli qapının qulpuna yapışmışdı... indi onu ancaq qulpla birlikdə, xəncəli qınından çıxaran kimi, qapının ortasından çəkib çıxara bilərdi... çıxaran kimi də, elə ordaca, xəncəl əvəzinə qarnına soxmalıydı... Çünki qulpdan sora prezidentin qapısındı, qulpun özü boyda iri bir dəlik əmələ gələcəkdi ki, o dəlikdən qapının o üzü bu üzünə, bu üzü o üzünə görünəcəkdi.
Hiss elədi ki, vahimədən, ya nədənsə bədəni uçundu… ayaqları boşalıb elə bil havadan asıldı... sonra elə bil bütün bədəniylə qapının qulpundan harasa aşağı sallandı... Sonra gözləri qarala-qarala fikirləşdi ki, hamısı qorxudandı... Yüz faiz qorxudandı... Min faiz, milyon faiz qorxudandı... Qapının qulpunu xəncəl əvəzinə qarnına soxmaq istəməyi də, gözlərinin bu cür qaralmağı da... Kimdən yoluxmuşdu bu biabırçı qorxunu, hardan mənimsəmişdi, yadına gəlmirdi… Sonra bir müddət beləcə qorxu içində qapıdan asıla-asıla çabaladıqdan sonra gözlərinin qabağı aydınlaşdı və gördü ki, heç hardan asılıb eləməyib, həmişəki güllü yorğan-döşəyinin içindədi, hər günkü kimi yuxudan ayılır...
Televizorda verilişlər çoxdan bitmişdi. Ekran saysız-hesabsız əsəbi, ağ-qara nöqtələrlə qaynaşırdı...
Bu çevik nöqtələrdən niyəsə həmişə Qasım kişinin əti çimçəşirdi. Sonra da canına ölüm qorxusu yeriyirdi. Ekranın bu vəziyyətini görəndə Qasım kişinin yadına, əsasən uşaqlıq çağları kənddə - kəsəkdə, gözdən qıraq yerlərdə gəbərib şişən it cəsədlərinin qarın nahiyələrində, zərif dərilərin o üzündə eynilə bu cür əsəbi sıçrayışlarla narahat-narahat qaynaşan həşərat yığnağı düşürdü...
Ölümdən sonra olsun ki, hər kəsin canında təxminən belə bir şey baş verir. - Qasım kişi bir əli başının altında, böyrü üstə yarıbükülü uzanıb ekrana baxa-baxa fikirləşirdi. Bu həşərat - nöqtələr də ola bilsin ki, televizorun ölüm cücüləri idi. Verilişlərin bitdiyini, proqramların başa çatdığını bildirirdi. Belə fikirləşdikcə, Qasım kişinin ürək döyüntüləri ləngiməyə başladı, sonra elə bil tamam dayandı. Bütün axşamı uzanmaqdan ağırlaşan bədənini bir təhər çöndərib o biri böyrü üstə saldı, ayaqlarını yorğanın altına yığıb üşütdü.
Döşək niyəsə hələ də elə soyuq idi, elə bil bütün gecəni üstündə yatan olmamışdı. Qanı hərəkət eləmirdi nədi?..
Fikirləşdi ki, bu əsəbi nöqtələrdən nə qədər vahimələnib qorxsa da, televizoru söndürməyəcək. Çünki indi televizorun sönməyi, elə həyatın sönməyi kimi bir şey idi. Televizor sönəndə, Qasım kişinin qaranlıq otağı elə bil böyüyürdü, otağın ölü divarlarının səsi eşidilməyə başlayırdı. Divarlar ağır-ağır, sopsyuq nəfəs alırdılar… nəfəs aldıqca içləri, vərəmli xəstənin ciyərləri kimi xış-xış xışıldayırdı, xırda-xırda ovulub nəm torpaq kimi harasa aşağıya səpilirdi...
Başını qaldırıb pəncərənin bir hissəsindən görünən göyə baxdı. Göyün üzü ala toran idi. Səhərə az qalırdı. Bu mənzərədən Qasım kişinin içində, hardasa göbək nahiyəsində xırdaca tumurcuğabənzər nə isə çırtladı elə bil. Bu, üzünə açılmaqda olan bütöv bir günün sevinci idi. Bunu Qasım kişi yaxşı bilirdi.
Bir azdan ekranda televiziyanın rəngli cədvəli görünəcəkdi, bu ölüm qoxulu ağ-qara nöqtələrin vahiməsini bircə anın içində yoxa çıxaracaqdı. – Qasım kişi fikirləşib rahat-rahat əsnədi. O cədvəlin, irili-xırdalı simmetrik xətlərini, rəqəmlərini, müxtəlif növ əcayib işarələr dolu rəngli lövhələrini daim görməkdən ötrü Qasım kişi bütün dünyanı verərdi.
Saatın hansısa əqrəbi yerini bircə addım dəyişdi və... ekranda, Qasım kişinin bayaqdan bəri gözlədiyi rəngli cədvəl peyda oldu. Bu cədvəl hər dəfə, saatın hansısa əqrəbi yerini dəyişəndə, ekranın hansı nöqtəsindənsə pırtlayıb paraşüt kimi açılırdı.
Cədvəlin görünməyi ilə, Qasım kişinin, sinəsindən üzüyuxarı təmiz, soyuq havayabənzər nəyinsə burula-burula qalxmağa başladığı bir oldu.
Beş-on dəqiqəyə ekranda saat görünəcəkdi. – Qasım kişi fikirləşdi – Sonra uzun illərdən bəri gündə-gündə çalınmasına baxmayaraq, yenə hər dəfə Qasım kişini qəhərləndirən himn çalınacaqdı. Televizorun səsi aşağı olsa da, astadan çalına-çalına yarıqaranlıq otağın divarlarını titrədəcəkdi, şəhərin ən uca zirvəsində ucalan nəhəng milli bayrağı möhtəşəm – möhtəşəm dalğalandıracaqdı. Otağın divarları bir də, ekranda Prezidentin özü görünəndə beləcə titrəyirdi. Əzəmətli qaməti ilə televizorun balaca, dördkünc ekranına hər dəfə zorla sığışan Prezidenti görəndə, Qasım kişi ürəyinin necəsə titrədib işə düşdüyünü, yumurtadan çıxmaq istəyən heysiz quş balası tək zəif-zəif çırpındığını hiss eləiridi və nədənsə ağlamağı gəlirdi. Hər dəfə də, aramla dalğalanan milli bayrağın önündə nizamlı əsgər duruşu ilə – qolları yanlarında, şiv qamətilə dayanan Prezident qonur gözlərini ona elə zilləyirdi, elə bil bu dəqiqə həmin o təntənənin arasından, ona çoxdannan bəri demək istədiyi, lakin heç vaxt imkan tapıb deyə bilmədiyi ürək sözlərini deməyə hazırlaşırdı. Prezidentin bu səmimiyyətindən Qasım kişinin balaca bədəninə, mənasını özü də dərk edə bilmədiyi qəribə, xoş bir istilik yayılırdısa da, elə həmin dəqiqə ekranda, himnin aramla əsdirməyə başladığı milli bayraq peyda olur, daha sonra şəhərin ən gözəl küçələri və xiyabanları bir-birini əvəz eləməyə başlayırdı. Çox vaxt yuxuya getməzdən əvvəl televizorun səsini tamam aldığından, Qasım kişi himnin çalınmasını, saatdan sonra ekranda görünən milli bayrağın aramla dalğalanmasından bilirdi.
Qalxıb yerinin içində oturdu. Kürəyinin ortası gicişirdi. Əlini kürəyinə aparıb gicişən yeri bərk-bərk qaşıdısa da, heç nə hiss eləmədi. Kürəyinin dərisi odun qabığı kimi quru və hissiyyatsız idi.
İnsan qocaldıqca, olsun ki, toxumaları da tədricən qocalır. – Qasım kişi fikirləşdi, sonra da yadına, bir həftə bundan əvvəl göbəyinin üstündə bitən irinli çibanı iti skalpellə, keyidicisiz-filansız kəsib-doğrayan həkimin təəccüb dolu baxışları düşdü. Cavan, özünə bədgüman həkim onun ağlasığmaz ağrısızlığından sarsılsa da, özünü o yerə qoymur, skalpelin gümüşü tiyəsini işıldada-işıldada qarnının dərisini, soyuq tərəvəzi doğrayan tək doğrayırdı.
Yerinin içində oturub ayaqlarını aşağı salladı. Çoxdannan bəriydi ayaqlarına baxmağa ürək eləmirdi. Özünə söz vermişdi ki, onları mümkün qədər az yada salsın. Çünki ayaqları hansısa ölkənin bayrağınıda, yaxud nə vaxtsa, hardasa, hansısa kitabda, ya rəsm əsərində gördüyü ölüm rəmzini andıran əcayib emblemi xatırladırdı. Bunu həqiqətən görmüşdü, yoxsa nə vaxtdan bərisə necəsə öz fəhmiylə hiss eləməyə başlamışdı?
Cədvəl itdi və əvəzinə peyda olan üçrəngli bayraq hər günkü qaydasıyla aramla dalğalanmağa başladı.
İndi himn oxunur. – Qasım kişi fikirləşdi və elə o dəqiqə bu gecəki yuxusunu xatırladı. Bu gecəki yuxusu başdan-ayağa himnlə müşaiyət olunmuşdu. Bu bayraq da həmin o yuxudaydı… daim ha tərəfindəsə səssiz-səssiz dalğalanırdı...
Qasım kişinin o da yadına düşdü ki, bu gecəki həmin o yuxuda o, gözləri vahimədən qarala-qarala hardansa aşağı – dibi, sonu görünməyən uçuruma asılanda da, həmin bu himn hardasa lap yaxınında çalınırdı...
Diktor, yuxudan şişmiş üzündə saxta təbəssüm, səssiz-səssiz nə isə danışırdı. Olsun ki, hər günkü kimi bu günkü verilişlərin siyahısını deyirdi.
Qasım kişi diktora baxa-baxa üzünü qaşıdı. Qəribəydi ki, üzünün tükləri qocalmırdı. – fikirləşdi. – Qırxdıqca hey uzanırdı. Lap on yeddi yaşlarındakı kimi. Sonra çönüb, dünəndən bəri yatağının böyründəki balaca mizin üstündə durula-durula onu gözləyən soyuq, qaynadılmış suya baxdı və fikirləşdi ki, indi əl atıb bu suyu içən kimi, yuxulu bağırsaqları diksinib işə düşəcəkdi, onu ayağa qaldırıb tualetə qaçırdacaqdı.
Diktorun mətni deyəsən isə sona yetmək üzrəydi. Çünki qızın üzündəki təbəssüm bitmək üzrəydi.
Sonra nə oldusa, elə oturduğu yerdə başı boşaldı… yenə gözlərinin qabağını həmin o zəhrimar tor bürüdü. Nəbzinin sürətləndiyini hiss elədi və əlini, kor adamlar kimi, çarpayının böyründəki mizin üstü ilə gəzdirə-gəzdirə, bein damarları üçün qəbul elədiyi çəhrayı həblərini axtardı. Sonra qəfildən tor öz-özünə seyrəldi və Qasım kişinin gözləri yenə ekran boyu dalğalanan üçrəngli milli bayrağı seçməyə başladı. Milli bayraq dalğalandıqca, rəngləri daha aydın seçilirdi. Çox keçmədi ki, ekranda Prezidentin nəhəng iclas otağı göründü. Otaq əvvəl bomboş idi. Bir qədərdən sonra Prezidentin əzəmətli görkəmi otağın yuxarı başında göründü, o, tələsmədən, iri, ağır addımlarla iclas stoluna sarı addımlayıb, stolunun arxasına keçdi. Bir müddət qollarını, fəxri qarovul əsgəri kimi yanlarında saxlayıb durdu, sonra iclas otağını nə vaxtsa doldurub cərgələrlə yanaşı oturan, allərində qələm, qarşılarında kağız, hürkmüş sifətlərlə ona zillənənlərə nə isə deyib əyləşdi və ekranı, onun iri planda görünən üzü tutdu. Prezidentin üzü hər dəfə ekranı beləcə, bütün ölçüləriylə tutandı, Qasım kişinin rahatlıqdan, ya nədənsə yuxusu gəlirdi. Belə vaxtlar Qasım kişi Prezidentin, üzünü pəncərəyə dikən kimi, ekrana dirədiyi təmiz qırxılmış üzündən saçan odekolonun ecazkar qoxusunu da elə bil hiss eləyrdi və bu qoxuyla bir yaddaşı, bir-birindən doğma, əziz xatirələrlə dolub boşalmağa başlayırdı.
Prezidentin üzündən saçan odekolonun qoxusu, Qasım kişinin, bir vaxtlar – uzaq uşaqlıq illəri çöldə, çay qırağında atılıb düşə-düşə soyub yediyi baldırğanın iyini xatırladırdı. Qasım kişi, Prezidentin uşaqlıq illəri, gənclik dövrləri haqqında oxuduğu xatirələrdən, onun da həyatının əsasən belə yerlərdə, qaqal-baldırğanın bol bitdiyi çəmənlklərdə, çay kənarında və dağlarda keçdiyini yaxşı bilirdi.
…Çox keçmədi ki, Prezident boz gözlərini ekran boyu hərlədib elə bil Qasım kişinin otağını gözdən keçirdi və ağzını demək olar ki, tərpətmədən nə barədəsə danışmağa başladı.
– Sabahın xeyir. – Qasım kişi deyib əlini mizin üstündəki suya atdı, bir neçə iri qurtumla suyun axırına çıxıb ayağa qalxdı.
Dizləri əsmirdi. Gecənin soyuğundan içi nəmlənən köhnə başmaqlarını geyinib ayaqlarını sürüyə-sürüyə televizora yaxınlaşdı, çöməlib Prezidentin üzünə lap yaxından baxdı.
Prezidentin üzü, dünənkinə nisbətən xeyli gümrah görünürdü. Dərisi tarıma çəkilmişdi, yanaqları çəhrayılaşmışdı.
Olsun ki, nə isə eləyiblər. – Qasım kişi fikirləşdi. Sonra da ürəyində özünə təskinlik verə-verə fikirləşdi ki, o daha heç vaxt pis olmayacaq, bir neçə gün bundan əvvəlki o dəhşətli vəziyyətinə düşməyəcək.
Bir neçə gün bundan əvvəl Prezident həmin bu iclas salonunun yuxarı başındakı kreslosunda sarımtıl üzü ilə oturub, içi sulu, şişkin gözləri ilə, sərxoş, yorğun baxışlarla Qasım kişiyə elə baxırdı, elə bil baxışlarıyla onunla vidalaşırdı. Həmin gün Prezidentin elə bil danışmağa heyi də çatmırdı, tez-tez sözünə ara verib ağır-ağır nəfəsini dərirdi.
Prezidentin o günkü vəziyyətindən Qasım kişinin də halı pisləşmişdi, uzandığı yerdə birdən-birə nəfəsi təngimişdi, ürək döyüntüləri ləngiməyə, nizamını itirməyə başlamışdı. Həimn günün gecəsi isə Qasım kişi yuxuda Ölümlə gizlənpaç oynamışdı...
Ölüm də təxminən Prezidentə oxşayırdı. O da o cür əzəmətli və qamətli idi. Nizamlı əsgər duruşu ilə yataq otağının aşağı başında dayanıb şiv qaməti ilə, qorxunc, iti baxışlarıyla Qasım kişinin hərəkətlərini izləyirdi. Bütün yuxunu Qasım kişi yorğanın altında gizlənirdi, bədəni, elektrik cərəyanınabənzər qəribə şüalar buraxa-buraxa, pərdələrin arxasıyla sürünürdü, şkaflara girirdi, səbri tükənəndə, Ölümün ayaqları altına sərilib son nəfəsiylə zarıya-zarıya özünü ona təslim edirdi...
Televizorun düyməsini burub səsini artırdı.
–...ikiqat pisdi. – Prezident sözünü tamamlayıb udqundu. – Dünən də, ondan əvvəllər, bu gün də.
Düyməni tələsik burub televizorun səsini aldı və o dəqiqə sahə həkiminin, bayquş üzünü andıran sivri sifəti gözünün qabağına gəldi. Həkim girdə gözlərini bərəldib buxağını əsdirə-əsdirə:
– Birinci düşməniniz səsdir, səs. – dedi.
İkinci düşməni nə idi, bayquş-həkim bunu heç vaxt demirdi. – Qasım kişi fikirləşdi. – Olsun ki, ikinci düşmənin nə olduğunu o özü də dəqiq bilmirdi, odu ki, demirdi. Ayağa qalxıb ayaqlarını döşəməyə asta-asta qoya-qoya tualetə getdi.
Otağına qayıdanda Prezident susmuşdu, başını aşağı salıb stolunun üstündə nəyəsə baxırdı, ya oxuyurdu, anlamaq olmurdu.
Keçib çarpayısının kənarına əyləşdi. Yadına, Prezidentin, dörd il bundan əvvəlki üzünü salıb, bu günkü ilə müqayisə elədi və bu qənaətə gəldi ki, kişi bu dörd məşəqqətli ilin ərzində qocalıb-eləməyib, əksinə, elə bil bir qədər cavanlaşıb da, hətta gözəlləşib. Saçları da elə bil çoxalıb. Ən əsası, zəhmini itirməyib. Onun zəhmi, həyatın özüdü. – Qasım kişi oturduğu yerdə kövrələ-kövrələ fikirləşdi, sonra yenə, bir neçə ay bundan əvvəl gördüyü dəhşətli yuxusunu xatırladı…
Əslinə qalsa, yorğan-döşəyə düşməyi də, yaxşı bişməyən hansısa xörəyi andıran o yuxusunun işiydi. Axır aylar gözünün qabağından çəkilib getmək bilməyən tor da, həmin o yuxudan sonra, qaramtıl, tül pərdə kimi üzündən asılmışdı, ətrafı olduğu rəngdə görməyə imkan vermirdi. Məhz həmin o yuxudan sonra bayquş üzlü sahə həkimini evə çağırtdırmalı olmuşdu. Həkim də onun nəbzini yoxlayıb, dilinə baxıb buppbuldaya-buppbuldaya:
– Stresin əlamətləridi. – demişdi.
Həmin o «stress-yuxuda» isə Qasım kişi görmüşdü ki, Prezident zəhmini itirib… əynində, özbək paltarına oxşar qəribə, zolaqlı libas bonyny özbəkvari bulaya-bulaya, çırtma vura-vura mahnı oxuyur.
Yuxu Qasım kişiyə o qədər təsir eləmişdi ki, Prezidentin yuxuda oxuduğu mahnının sözləri də necəsə yadında qalmışdı.
– El bilir ki, siz mənimsiz siz mənim!..
Canım, gözüm, bəbəyimsiz, bəbəyim!..
Qasım kişi yuxunu xatırladıqca, yenə ürəyinin zəiflədiyini, nəbzinin, ritmini itirib başlı-başına axdığını hiss eləyib, tələm-tələsik balışının altında gizlədiyi ehtiyat həbbi dilinin altına qoydu. Sonra astaca balışın üstünə uzanıb bir müddət həbbin, mədəsində əriyərək ordan ürək damarlarına yayıla-yayıla sinəsini yumşaltmasını, ritmi pozulan ürək döyüntülərini tədricən nizama salmasını izlədi. Sonra bir gözü Prezidentin iclas salonunda fikirləşdi ki, bu ölkənin nəyisə varsa, hamısı bu kişinin zəhmiynən qurulub. O zəhmi Qasım kişi bütün taleyi boyu – tələbəlik illərində də, sonralar müharibədə hiss eləmişdi. Əsasən də böyük Stalin illərində, bir də bu kişinin şahlıq dövrlərində. Son bir neçə ili isə, kişinin ölkədə olmaması böyük zəhm fasiləsi yaratmışdı və bütün ölkə bu fasilənin içində az qala boğulub ölmüşdü. – Qasım kişi yanağını qaşıya-qaşıya fikirləşdi, sonra başını qaldırıb Stalinin, divara vurulan balaca portretinə baxdı.
Stalin öz boz şinelində idi…
Nə qədər söysələr də, min bir hədyanlar uydurub qara yaxsalar da, Stalinə pərəstişi insanlığın yaddaşından silə bilməyəcəklər. – Qasım kişi gözü iclasda fikirləşdi. O dövrün nikbinliyi, o xoşbəxtlik, o hüdudsuz enerci, hər şey - hər şey o kişinin zəhminin nəticəsində yaranan əvzsiz həyat nemətləri idi. İnsanlar həmin o zəhmin köməyi ilə işıqlı, geniş səhnədə yaşayan kimi yaşayırdılar. O zəhmin köməyi ilə sevirdilər, sevilirdilər, evlənirdilər, uşaq böyüdürdülər, rəqs edirdilər, mahnılar bəstələyirdilər. Hər şey də əslində Onun üçün idi. Onun nəzər-diqqəti üçün, zəhmli baxışlarının məmnunluğu naminə. İnçanlığın böyük əksəriyyəti xoşbəxtliyin nə olduğunu, az müddətə də olsa, o kişinin dövründə daddılar.
Bura çatanda Qasım kişinin ürəyi birdən birə pis oldu. Döyüntüləri zəifləyib elə bil itdi.
Ekran ümumi planda iclasda oturanları göstərirdi. Sonra iri planda yenə Prezidentin üzü göründü. Prezident harasa yana baxırdı. Sonra birdən nə oldusa, Prezident başını çöndərib düz Qasım kişinin üzünə baxdı, elə bil narazı-narazı başını da yellədi. Yoxsa ona elə gəldi?..
Qasım kişinin bədəni, Prezidentin bu qəfil baxışından, ətinə qısa cərəyan buraxılan qurbağa bədəni kimi diksinib titrətdi.
Prezidentin zəhmli səsi balaca otağı lərzəyə gətirdi:
– Yoldaş Mamedov! Sizinləyəm!.. Eşitmirsiz, nədi?!. Ayağa qalxın!..
Zəif, taqətsiz bədəniylə ayağa sıçrayıb qollarını, əsgərlikdə elədiyi kimi, bədəninə pərçimlədi:
– Bəli, yoldaş Prezident… – deməkdən özünü zorla saxladı... sonra gicgahından aramla üzüaşağı süzülən soyuq tər damlasını əliylə silib sinəsinin hansı tərəfindəsə gizlənən nəfəsini buraxdı.
Prezident hələ də ona baxırdı... elə bil dodaqları da tərpənirdi...
Nəfəsini saxlayıb sakitliyə diqqət kəsildi, gözünü qıyıb eynəyini düzəltdi və diqqətlə Prezidentin, güclə seziləcək hərəkətlərlə tərpənən dodaqlarına baxdı.
Prezident ona aid nə isə deyirdi… Daha doğrusu, demək istəyirdisə də, yan-yörəsindəkilər mane olurdular. Mane olanlardan biri də - o biri otaqda, ya da olsun ki, mətbəxdə, ara vermədən deyinən Yasəmən qarı idi. Qarının sözlərini dəqiq eşitməsə də, deyintisinin ahəngindən Qasım kişi anladı ki, yenə harasa nə isə dağıdıb.
Prezident susub başını aşağı saldı. Deyəsən axır ki, onu rahat buraxdı.
Yerindən qalxıb, bayaqkı vahimədən hələ də əsən dizlərini zəif-zəif sürüyə-sürüyə televizora sarı yeridi. Çöməlib yenə Prezidentin üzünə yaxından baxdı, əlini ekrana uzadıb barmaqlarını üzündə, qara kostyumunun yaxalığında gəzdirirdi.
Prezident başını qaldırıb sakit gözləriylə Qasım kişiyə baxdı... elə bil azca gülümsədi də...
Qasım kişi televizorun böyründəki kətilə oturub ürəyini tutdu, eynəyini düzəldib ekrana lap yaxından baxdı... və vahimədən az qaldı bağrı yarıla.
Prezidentin bəbəklərinin içi, hər gecə verilişlər bitəndən sonra televizorun ekranında qaynaşan həmin ağ-qara nöqtələrlə dolu idi... Sonra Qasım kişi elə oturduğu yerdə prezidentin bəbəklərində qaynaşan əsəbi nöqtələrin elə bil səsini də eşitdi... Nöqtələr narahat-narahat qaynaşıb bir-birinə dəydikcə elə bil cızıldayırdılar... Yoxsa ona elə gəlirdi?!..
Bu əcayib görüntüdən, ya nədənsə, Qasım kişi oturduğu yerdə səndələyib az qaldı kətildən yıxıla, özünü zorla saxladı. Balaca, zəif bədəni yenə titrədi, halı yenə pisləşdi və Qasım kişi çəlimsiz bədənini kətildən ayırıb, özünü birtəhər çarpayısına çatdıra bildi və orda, üstünü örtmədən, üzüqoylu uzanıb qaldı.
Bir neçə dəqiqə keçdi, ya saat ötdü, Qasım kişi bilə bilmədi. Bircə onu hiss elədi ki, Yasəmən qarı böyründə oturub asta-asta nəfəs alır.
– Axır bu, evini yıxacaq sənin. – qarı onun tərpəndiyini görüb danışmağa başladı.
Qasım kişi yarıyuxulu, yarıölü qollarını tərpədib bədənini aramla sola çevirə-çevirə, bir istədi soruşa ki, «Kim bu?..», qarı imkan vermədi, sözü-sözə calaya-calaya doğrayıb tökdü.
– Axı dedilər sənə ki, televizora baxmaq olmaz. O gün bazarda camaat da danışırdı. Deyirlər, bu andıra baxa-baxa neçə adam ölüb. Elə bax beləcə, oturduğu, uzandığı yerdəcə... – qarı danışa-danışa ayağa qalxdı, xırda addımlarla yeriyib deyəsən televizoru söndürmək istədi.
– Dayan!.. - Qasım kişi qəfildən dedi və özü öz səsini tanımadı. Səsi, iyirmi-iyirmi beş il bundan əvvəlki Qasımın – rayon partiya komitəsinin katibi, çevik yerişli, iti baxışlı, qılıqlı Qasımın səsi idi...
Bu səsdən Yasəmən qarının da rəngi qaçdı. Qarı bir müddət donuxub yerində qaldı, sonra ağzının içində deyinə-deyinə o biri otağa keçdi və bir müddət səsi o biri otaqlardan gəldi.
– Vallah yazıqsan, billah yazıqsan... – qarı deyirdi. – ...öldürəcək o səni... axırına çıxacaq... nolsun səsini alırsan, bəs şüa?!. Onnansa, çıxıb havada hərlənəydin.
Həyət bom-boş idi. Külək xəzəli, burulğan kimi göyə sovura-sovura həyət boyu gəzdirirdi, arada bir Qasım kişinin başına dolandırıb elə bil onu da xəzələ qatmaq, yüngül bədənini həyətin kağız-kuğuzuyla bir havaya sovurub harasa uzaqlara aparmaq istəyirdi.
Həyətdən çıxıb, küləyin istiqamətiylə, binaları ilə üzbəüz bağa sarı yeridi. Külək burnuna dolub nəfəsini saxladı... yoxsa çoxdandan bəri küçəyə çıxmadığından təmiz hava bədəninə təsir elədi?.. Axırı, nə oldusa, Qasım kişinin, getdiyi yerdə gözü qaraldı... yenə dizlərinin taqəti itdi. Əlini yaxındakı binanın divarına söykəyib dayandı, aramla nəfəs ala-ala, divarda bir-birinin böyrünə vurulan şəkillərə baxdı.
Prezident şəkillərin hamısında qara, uzunboğaz caketdə idi, qolunu qəribə bir çevikliklə dizinin üstünə qoyub geniş təbəssümlə gülümsəyə-gülümsəyə ona baxırdı. Qasım kişi Prezidenti bu qara, uzunboğaz caketində birinci dəfə görürdü deyə, eynəyini gözünə yaxınlaşdırıb şəklə bir az da yaxından baxmaq istədisə də, külək imkan vermədi, qəfildən hücum çəkib Qasım kişinin gözlərini sulandırdı, sonra gözəgörünməz uçan xalça kimi ayaqlarının altına döşənib, onun heysiz bədənini az qala yerdən ayıra-ayıra harasa bağa sarı apardı...
Prezidentin şəkilləri vurulan divarın sonu, qurtaracağı yox idi. Şəkillər getdikcə çoxalır, qara, uzunboğaz caketli prezidentlərin sayı artırdı. Şəkillərin bəzilərinin böyür-başı cırılmışdı. Birində Prezidentin ağzını, o birisində bütöv bədənini cırıb atmışdılar.
Qasım kişi divarın qurtaracağında bitən işıq dirəyindən yapışıb özünü bir təhər saxladı, külək nəfəs yoluna dola-dola, gözlərini yaşarda-yaşarda bir xeyli beləcə dayanıb qaldı. Divarın qurtaracağına vurulan son şəklə baxa-baxa fikirləşdi ki, elə bil bu şəkildəki Prezident o Prezident deyil. Geyimi də o deyil, duruşu da, baxışı da, təbəssümü də. Yan-yörəsində də, qəribədi ki, milli bayraq yoxdu.
Evə qayıdanda hava qaralmışdı. Televizor yanmırdı.
Qasım kişi paltosunu soyunmadan, özünü yorğanın altına saldı, çənəsi titrəyə-titrəyə:
– Deyəsən soyuqlamışam. – deyib zarıdı.
Yasəmən qarı o biri otaqdan qalın yorğan gətirib Qasım kişinin üstünü, böyür-başını basdırdısa da, əlavə iki isidici gətirib Qasım kişinin çarpayısının qabağına yığdısa da, Qasım kişinin bədəni isinmədi.
Bayaqkı soyuq külək indi də elə bil Qasım kişinin içində burulurdu, vıyıldaya-vıyıldaya qulaqlarında oynayırdı.
Burnunu yorğanın altından çıxarıb Yasəmən qarıya baxdı, gözüylə televizoru göstərib, mümkün qədər nəzakətlə:
– Yandırsana onu. – dedi.
Axşam verilişləri başlamışdı. Diktorun üzünün səhərki şişi çəkilmişdi.
Qasım kişi hiss elədi ki, ayaq barmaqlarının ucundan bilinər-bilinməz, aramla üzüyuxarı yeriyən buz kimi soyuq sürüşkənlik tədricən bədəninə yayılır. Bədəni bu soyuğa, bu anlaşılmaz, vahiməli sürüşkənliyə tab gətirə bilməyəcəkdi. – fikirləşdi.
Bu sayaq çıxılmaz çarəsizliklə üzbəüz qalanda, həmişə Qasım kişini ağlamaq tuturdu. Nə vaxtsa uzaq keçmişlərdə ölüb dünyasını dəyişən yaxın adamların – ata-anasının, xalaqızlarının, əminəvələrinin müdhiş canvermə səhnələrini – ağrıdan, ya qorxudan bərələn gözləri, saralıb quş dimdiyi kimi nazilən burunları, yorğanüzlərini kağız kimi əzib ovuclarında sıxan sümüklü əlləri xatırlayırdı. Uzun müddət canını tapşıra bilmədiyindən, bir neçə gecə quzğun səsinə oxşar vahiməli səslərlə qıyya çəkən anasının, son nəfəsində əncili ovcunda qiymətli tutiya kimi ehtiyatla saxlaya-saxlaya, qəribə, sirli bir iştahla iyləyən xalasının, kimlərəsə əl eləyə-eləyə, gülümsəyə-gülümsəyə uzandığı yerdə elə bil harasa uça-uça canını tapşıran əmisinin ölüm səhnələri gözünün qabağına gəlirdi...
Gözü qarala-qarada dikəlib yerinin içində oturdu, dərindən nəfəs aldı. Yox, ürəyi, Allaha min şükür döyünürdü. Bu fikirdən, ya nədənsə qəfildən Qasım kişinin gözünün qabağı aydınlaşdı və o, ekranda, kimlərləsə oturub danışan Prezidenti gördü.
Gözlərini qıyıb ekrana diqqətlə baxdı.
Prezident, Qasım kişinin bir neçə ay bundan əvvəl gördüyü həmin o «stress-yuxu»sundakı zolaqlı özbək paltarındaydı. Başında ipək parçadan hündür çalma, xalılar döşənmiş təmtəraqlı otaqda oturub naxışlı piyalədən çay içə-içə bir neçə özbəklə söhbət edirdi.
Qasım kişi əvvəl gözünə inanmadı, sonra var gücünü toplayıb ayağa qalxdı, özünü bir təhər televizorun qabağına sürüdü... bədəni zəiflikdən əsə-əsə kətilə oturub ekrana yaxından baxdı...
Prezident piyalıdıki çaydan qurtum ala-ala, arada bir elə bil Qasım kişinin yuxusundakı kimi çırtma çalırdı, hərdən bir də elə bil altdan-altdan çiyinlərini əsdirirdi. Ya bu, Qasım kişinin gözünə görünürdü?!..
Qasım kişi bir istədi başını qaldırıb Yasəmən qarını səsləsin, amma hiss elədi ki, boğazı quruyub, dilini ağzında hərlə bilməyəcək. Sonra nə oldusa, qəfildən Qasım kişinin gözləri doldu, qəhər boğazını tuta-tuta, ekrandakı Prezidentə:
– Siz... Axı siz... niyə belə eləyirsiniz?!. – dedi və hiss elədi ki, ürəyi dayandı. Ağzını yarımaçıb hava udmaq istədisə də ciyərləri açılmadı... bir neçə dəqiqə gözü televizorun ekranında, yarımaçıq ağızla oturub qaldı… sonra havasızlıqdan, ya nədənsə gözləri qaraldı... yoxsa evin içinə hardansa güclü külək doldu?.. Əsib Qasım kişini kətildən yerə saldı... Qasım kişi yerə böyrü üstə düşdü, başı isti və iti olan nəyəsə dəyib laxladı… sonra qulağının, yanağının dibiylə azan isti mayenin tədricən gözlərinə dolduğunudan hər tərəfi qıpqırmızı gördü. Bir müddət bu qırmızılığın içində daşlaşmış ciyərləri qırıq-qırıq hava yığa-yığa uzanıb qaldı... sonra nəfəsi itdi.
Yasəmən qarı otağa daxil olanda, televizorda Prezidentin növbəti görüşü yayımlanırdı. Prezident hansısa əcnəbi ölkənin diricoru ilə görüşürdü.
Hər ikisi qara frakdaydılar.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
среда, 2 апреля 2008 г.
на 4:24
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий