Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

четверг, 6 марта 2008 г.

«Şənbə gecəsi»




Qalxıb yerinin içində oturdu. Saçları bir-birinə qarışıb, boynunun dərisini gicişdirirdi. Fikirləşdi ki, indi qalxıb güzgüdə üzünə baxsa, vahimədən bağrı yarılacaq. Çünki axşamdan kirpiklərində qurumuş vəsmə, indi bütün gözünün altına yayılmışdı, üzünü, dəhşət-filmlərin qorxunc personajlarına bənzədirdi…
Yatmamışdan qabaq üz-gözünün boyasını silməyi heç cür çatdırmırdı. Ya yadından çıxırdı, ya da işin və evin qarışıqlığından o qədər yorulurdu ki, uşaqları yatırtmaqdan ötrü yataqlarına salıb nağıl danışmağa başlayanda, öz onlardan qabaq yuxuya gedirdi.
Çünki hər axşam işdən qayıdanda, ayağını qapıdan içəri qoymağıyla ev işləri və uşaqları, qorxuc yuxu kimi üstünə tökülürdü.
Anası - o, qapıdan ayağını qoyan kimi, başını bağlayıb, divarları tuta-tuta, ləngər vura-vura yataq otağına gedirdi. Elə gedirdi, elə bil bir daha geriyə qayıtmayacaqdı, yataq otağının qapısını elə bağlayırdı, elə bil daha ordan çıxmayacaqdı. Elə bil bir qapını yox, min qapını bağlayırdı, yatağına yox, yatağından da aşağıya - evin, uşaqların səsi eşidilməyən dərin quyuya girib orda ölürdü.
Anası hər dəfə ayağını belə yorğun-yorğun sürüyə-sürüyə yataq otağına gedəndə, özünü müttəhim kürsüsündə, üzünün hər xırda cizgisini bütün dəqiqliyi ilə göstərən gur projektorların işığı altında hiss eləyirdi. Çünki uşaqları dünyaya gələndən bəri qonum-qonşu, qohum-əqrəba ittiham və kinayə dolu baxışlarla ona elə baxırdılar, elə bil onu nə vaxtsa, lap bu yaxınlarda hansısa dəhşətli cinayətin üstündə yaxalamışdılar, indi ürəklərində ona deyiləsi sözlərini qəribə bir nisgillə ürəklərində elə saxlayırdılar, elə bil dillərinə gətirməklə nə isə daha dəhşətli bir cinayətin baisi olmaqdan qorxurdular. Bir də görürdün, yolda, həyətdjə rastına çıxan hansı birisə utanıb sıxıla-sıxıla, sözlərini dişlərinin arasından zorla çıxara-çıxara:
- Anan yazıqdı, bala, uşaqlarına yiyə dur. - deyirdi - Nolar, bir-iki il işləmə. Sənsiz də hökümətin işi keçər… - sonra da tələsik addımlarla ondan elə uzaqlaşırdı, elə bil onun nə isə deyəcəyindən qorxurdu.
Bir də, anası, o, işdən qayıdandan sonra yataq otağına elə yorğun-yorğun gedəndə, öz uşaqlıq illəri yadına düşürdü. Anasının, qədim kinoların məzmununu andıran söhbətləri, bazar günləri birlikdə kinoya getməkləri, orda - kino-teatrın foyesində satılan dondurmalardan, pirojnalardan alıb yeməkləri… Onda anası ayaqlarını belə sürümürdü, yeriyəndə divarları tutmurdu, ləngər vurmurdu. Anasını o qocaltmışdı. Öz iddialarıyla, bitib tükənməz problemləri və uşaqlarıyla. Anası, gözü onun üzündə, uşaqlarını yedirdib-içirdə-içirdə, böyüdə-böyüdə qocalırdı. Anası onu da beləcə dinməz-söyləməz böyütmüşdü, bacı-qardaşlarını da. İndi də uşaqlarını böyüdürdü. Sabah uşaqlarının da uşaqlarını o böyüdəcəkdi, onların uşaqlarını da, nəvələrini də, nəticələrini də... Anası beləcə, ayaqlarını sürüyə-sürüyə, ləngər vura-vura, saysız-hesabsız uşaqları yedirdəcəkdi, bələyəcəkdi, balaca dırnaqlarını tutub çimdirəcəkdi. Qolu sözünə baxmayanda, bələkləri dişiylə qaldıracaqdı, ayaqları heydən düşəndə, evin içi ilə dizin-dizin sürünəcəkdi. Onda olsun ki, anasının döşünə süd gələcəkdi, gözünə işıq gələcəkdi, saçları uzanıb topuğuna düşəcəkdi. Yoxsa tərsinə olacaqdı?.. Anasının gücü, heyi gülərin bir gün axır ki, tükənəcəkdi… anası heysiz halda yatağına girib, bir daha ordan qalxmayacaqdı… nəfəsini ağır-ağır dərə-dərə, dinməz-söyləməz onun üzünə baxacaqdı…
Belə fikirləşəndə, ürəyi az qala ağzına gəlirdi. Belə getsəydi, anası mütləq yorğan-döşəyə düşəcəkdi. Bunu dəqiq bilirdi. Bunu, anasının, yeriməkdən balacalaşan ayaqlarına baxanda, bədəninin hansı toxumasıylasa necəsə hiss eləyirdi.
Anasının gözəlri də, əvvəlkindən xeyli kiçilmişdi, əlləri də kiçilib uşaq əllərinə bənzəməyə başlamışdı.
Özü ana olandan bəri daha anasının balaca ayaqlarıyla əvvəlki kimi oynamırdı, yumşaq qolunu qucaqlayıb xırda-xırda çimdikləmirdi, gecələr çarpayısının kənarına əyləşib hava işıqlananacan söhbət eləmirdi. Buna nə onun, nə də anasının vaxtı və heyi yox idi.
Fikirləşdi ki, ümumiyyətlə, uşaqları olandan bəri o da, anası da elə bil danışmağı da yadırğamışdılar. Günləri, səhər-axşam xörək bişirib, paltar sərməkdə, evləri yığışdırıb uşaqları bir-birinə ötürürməkdə keçirdi.
Uşaqları olandan, anası daha əvvəlki kimi qeydinə qalmırdı, ac olub-olmamağı ilə maraqlanmırdı, qanı qaralanda başını sığallamırdı, balaca uşaq dili ilə şirin-şirin danışıb ürəyini almırdı. İndi elə bil bir evdə yaşamaqları da bu uşaqlara görəydi.
Bir sözlə, uşaqları hər şeyi dəyişmişdi. Anasını da, onu da, evin içini də, havasını da.
Hər dəfə bu yerə gəlib çatanda, özünə haqq qazandırmaqdan ötrü fikirləşirdi ki, əlac nədi axı?.. İşə getməyə bilməzdi. Analıq məzuniyyətinin vaxtı bitib başa çatmışdı. Uşaqları körpələr evinə verməyə də anası razı olmurdu.
Uşaqlarsa böyümək bilmirdi… - gözləri əsəbilikdən qarala-qarala fikirləşib yenə yorğanın altına girdi. Heç nələri ilə ona, anasına oxşamayan bu balaca varlıqların, anasının hövsələsini daralda-daralda, ömrünü çürüdə-çürüdə atlanıb-düşməklərini, səhər-axşam civildəşib, az qala düz divara dırmaşmaqlarını gözünün qabağına gətirdi və fikirləşirdi ki, Allah eləməmiş, anasına bir şey olsa, neyləyəcək?.. Uşaqlarının ikisini də boğub öldürəcək, anasının da, özünün də canını bu müsibətdən birdəfəlik qurtaracaq. Və hər şey əvvəlki qaydasına - öz normal halına qayıdacaq.
Bir də anası, Allah eləməmiş, yorğan-döşəyə düşsə, acıqlı baxışlar üzünə dikiləcək, dörd bir yandan üstünə tuşlanan yuzlərlə əllərin arxasından:
- Vicdansız! - qışqıran insan səsləri göyə ucalacaq...
Bütün bunları demək olar ki, hər səhər, ələlxüsus da, geyinib-kecinib, uşaqların üzündən öpüb işə gedəndə fikirləşirdi. Sonra bütün günü işdə özünə nifrtə eləyə-eləyə, özünü üzüb əldən sala-sala, iztirab və əzab çəkə-çəkə otururdu. Bu haqda bir də axşamlar, işdən qayıdanda fikirləşirdi. Ayağını kandardan içəri qoymağa, əynindəkiləri soyunmağa macal tapmamış, gün uzunu evdə, anasıyla qalmaqdan bezib darıxan uşaqlarının, qapının ağzındaca ayaqlarına sarılmağı bir olurdu. Odu ki, çəkmələrini mətbəxə çatanacan dəhlizdə, ayaqlarını silkələyə-silkələyə çıxarırdı, üst-üstdən geydiyi pal-paltarın istisindən buğlana-buğlana mətbəxə keçib orda, yolüstü elədiyi bazarlığını, nəfəsi darala-darala soyuducuya yerləşdirirdi, arada, qıçlarına dolaşıb sarmaşıq kimi üzüyuxarı dırmaşan uşaqlarının başlarından öpürdü ki, ağlayıb, yatmağa gedən anasını narahat eləməsinlər. Bir əliylə pilətənin üstündə buğlana-buğlana daşıb-tökülən çaydanın altını söndürürdü, o biri əlyilə, döşəmənin üstündə civildəyən tranzistorun səsini kəsirdi, uşaqların aramsız suallarına cavab verə-verə əllərini yuyurdu, paltarını dəyişirdi. Uşaqlarsa, fürsətdən istifadə edib, stolun üstündəki qalan bazarlığı didişdirməyə, çirkli kartofları yerə salıb döşəmə boyu diyirləndirməyə, göyərtiləri torpaqlı-torpaqlı ağızlarına salıb çeynəməyə və sullarını yağdırmağa davam edirdilər.
-O nədi?..
-Çörək.
-Bu nədi?
-Yumurta.
-Bəs o nədi?
Bəzən qəfildən hövsələsinin darallığını, əsəblərinin, kamança simi kimi tarıma çəkildiyini hiss eləyirdi… Onda başının üstündəki tavanı sivirib aşağı salmağı, bütün evi uçurub dağıtmağı gəlirdi. Amma nə əli tavana çatırdı, nə evi uçurmağa ürəyi gəlirdi, köksünü ötürüb əsəbilikdən boğula-boğula səbrlə paltarını dəyişirdi, başmaqlarını geyinib əllirini yuyurdu, bütün axşamı bir gözü saatın əqrəblərində, dəqiqələri saya-saya, doqquzun tamamını səbirsizliklə gözləyə-gözləyə axşam tədbirlərini yerinə yetirməyə girişirdi. Onu yedirdirdi, bunu içirdirdi, onu qarşoka oturdururdu, bunu qarşokdan durquzurdu, onun əlini yuyurdu, bunun tumanını dəyişirdi. Saatın əqrəbləri doqquzun tamamını göstərəndə uşaqları yataqlarına salıb, eyni bir nağılı yüz dəfə, əsnəyib arada bir mürgüləyə-mürgüləyə, iş gününün yorğunluğundan gözləri bağlana-bağlana, bir əli uşaqların qaşlarını, saçlarını tumarlaya-tumarlaya, hərdən də çimdikləyə-çimdikləyə danışırdı. Nə qədər də çalışıb özünü ələ alırdısa da ki, özü də uşaqlarıyla bir yatıb yuxuya qalmasın, bir-iki saatlıq da olsa, yazılarıyla məşğul olsun, yaxud nə isə oxusun, alınmırdı. Dilini döyənək eləmiş nağılların içində, uşaqlardan qabaq özü itib-batırdı, paltarlı-corablı, kipriklərinin sürməsi süzülüb gözünün altına yayıla-yayıla yatıb ətürpədən yuxulara qərq olurdu... həmin o yuxularda uşaqlarını paltar kimi əyninə geyirdi, corab əvəzinə qıçlarına çəkirdi, sonra ha çalışırdı onları soyuna, soyuna bilmirdi… əynindən, ayağından çıxara bilmirdi… Qıçlarına, əyninə geydiyi uşaqları çığırışıb ağlamağa başlayırdılar… Onda əl-ayağından, bədəninin dörd bir yanından elə bir ağlaşma qopurdu ki, vahimədən az qalırdı ürəyi dayana...
Gecənin bir aləmi yuxudan ayılıb, bəzən də elə yuxunun içindəcə bədənini yandırıb-yaxan pal-paltarını, qıçlarını gicişdirən corablarını çıxarıb atırdı. Bəzən corabları, pal-paltarı bədəninə pərçimlənib heç cür çıxmaq istəmirdi. Onda yuxuda elə paltarlı-corablı, boğanaq tüstülü ocaqlarda yana-yana boğulub ölürdü… yaxud yuxudan, son nəfəsi xirtdəyində çalxalananda ayılırdı və daha yata bilmirdi, ayağa qalxıb qaranlıq otaqların arasıyla dəli kimi gəzişirdi. Gah mətbəxə gedib su içirdi, gah hamama girib, orda güzgüdə, yuxunun vahiməsindən qarası kiçilib ağı böyüyən gözlərinə baxa-baxa özünə ölüm istəyirdi...
Üz-gözünü ovuşdurub fikirləşdi ki, nə qədər olacaq bu?.. Çönüb böyründə baş-başa verib mışıl-mışıl yatan uşaqlarına baxdı. Uşaqlar elə yatırdılar, elə bil səhər-axşam evi bir-birinə qatıb-qarışdıran, səsləri beyinə yeriyən, iliyə işləyən bunlar deyildi.
Uşaqlarına nəyə görəsə gecələr - körpələr balaca əl-ayaqlarını qarınlarına yığıb, səsləri içlərində, fağır vücudla yatanda yazığı gəlirdi. Ümumiyyətlə gecələr hamıya yazığı gəlirdi. Uşaqlarına da, anasına da, Azada da… Gecələr, ümumiyyətlə, necəsə hamı fağırlaşırdı elə bil. Bircə o, fağırlaşmırdı. Yuxularda da kiminləsə əlləşirdi, hansısa ocaqlarda tüstüdən boğulurdu.
Azad bu biri böyründə, üzüqoyulu elə yatmışdı, elə bil kimsə gecənin bir aləmi qapılarını açıb, onu bura vızıldatmışdı. Əlləri döşəməyə sallaq vəziyyətdə yavaş-yavaş fısıldayırdı.
Yenə üzbəüzdəki kitab rəflərinin üstündə toz basmış yazı makinasına, nə vaxtsa tələm-tələsik, necə gəldi, qovluğa yığıb makinanın böyrünə basdığı yazılarına baxdı. Bu, onun yazılarıydı... Neçə ayların tozunün altında bozarıb saralan bu vərəqlər onun uzun-uzun, qısa-qısa cümlələriylə, sözləriylə dolu idi. İndi bu sözlər - onun hissləri, fikirləri, günlərlə, aylarla üst-üstə yığılan cürbəcür, rəngbərəng əhval-ruhiyyələri tozun altında bozarmaqdaydı… Hərflərin rəngi gedirdi, vergüllər, nöqtələr ağarıb yoxa çıxırdı, cümlələr bir-birinə qarışıb mənalarını itirirdi… Makinanın dilləri də tozdan kütləşirdi… hərflər bir-birinə oxşamağa başlayırdı... Makinayla, yazılı vərəqlərlə bir, özü də beləcə saralıb bozarırdı… başının içi toz basırdı…
Ümumiyyətlə, uzun müddətdən bəri fikirləşməyə macal tapmadığından, ya nədənsə, beyninin yastılanıb dumbuz olduğunu hiss eləyirdi. Beyni, səhər-axşam, dünyadan bezə-bezə gördüyü işlərin ağırlığından, ya mənasızlığından beləcə yastılanıb bomboz vala dönmüşdü. Valın içi - uşaqların yaş tumanlarıyla, sıyığın içində əsəbi-əsəbi fırlanan dəmir qaşıqlarla, döşəmə süpürən süpürgələrlə, əyilib bürüşə-bürüşə pilətənin kənarında quruyan balaca, sidikli çəkmələrlə, hər səhər dayanacaqda dayanıb gözlədiyi avtobusların nömrələri və süd dükanında işləyən satıcıların üzləriylə dolu idi. Əvvəllər heç olmasa, yuxudan oyananda bir müddət yerinin içində uzana-uzana, o böyrü üstə, bu böyrü üstə çönə-sönə, ürəyi istəyən haqda ürəyi istəyən qədər fiikrləşirdi, uzandığı yerdəcə nələrsə kəşf edib coşurdu, sonra həmin o kəşflərin təsirindən, ya nədənsə qəhərlənib boğulurdu, ya da yuxusu gəlirdi, tavana baxa-baxa nə vaxt yuxuya getdiyindən xəbəri olmurdu.
Saçlarını əlləriylə yuxarıdaraqlayıb fikirləşdi ki, əvvəllər qəribə di ki, haqqında fikirləşmədiyi şey qalmırdı. Fikirlərində hər şeyin yerini, yönünü dəyişib ayrı vəziyyətə salırdı, başını çarpayıdan yerə sallayıb şüşəli qapının arxasından görünən şəhərə tərsinə baxırdı. Onda maşınlar göylə gedirdilər, adamlar buludlardan başıaşağı sallanırdılar. Günəş isə hər şeydən və hamıdan aşağıda olurdu, aşağıdan yuxarı zəif-zəif işarırdı. Şəhərə bir müddət beləcə tərsinə baxandan sonra, çarpayısının yanındakı mizin üstündə onu gözləyən ağ vərəqləri dizinin üstünə qoyub yazırdı, yazırdı, orta barmağı döyənək olub, baş soğana dönənəcən, uzanan yerdə yazmaqdan gözləri qaralanacan yazırdı, pozurdu, yenə yazırdı... Hərdən yaza-yaza çaşıb, vərəqlərdən yorğanın ağ üzünə keçirdi… Odu ki, yadına gəlir o illər, onda ki, hələ ərə getməmişdi və nə uşaqları, nə də əri ona yazmağa mane olmurdu, yorğanüzləri yarımçıq sözlərlə, hərflərlə dolu olurdu. Yazdıqlarını vərəqlərdən makinayla köçürəndə, çox vaxt yarısı itmiş sözlərin, ya hərflərin davamını axtarmaq üçün yataq otağına cumurdu, yorğan-döşəyini ələk-vələk eləyib, axtardığını axır ki, tapırdı.
İçini çəkib fikirləşdi ki, onda nə Azad vardı, nə uşaqlar vardı, nə yeri-göyü bürüyən bu eybəcər dördkünc əsgilər vardı…
İndi isə hamı və hər şey əlbir olub onu fikirləşməyə qoymurdular. Azad da, ölənəcən boynundan asılmış uşaqları da, vaxtından tez qocalıb yorulan anası da, uşaqları dünyaya gələndən bəri, yatağına uzanmağıyla, onu sarımtıl bataqlıq kimi içinə sümürən yuxuları da, daha onu fikirləşməyə qoymayacaqdılar.
Çönüb, hələ də böyründə fıshafısla yatan Azadın kürəyinə baxdı.
Hər şey onun üstündə idi, onun əməlləri idi. Uşaqlar da, qarşoklar da, tozun altında qalıb, onun sözlərini, fikir və duyğularını qarmaqarışıq söz yığımı kimi bir-birinə qatıb qarışdıran sarımtıl vərəqlərinə əliinin çatmaması da. Vərəqlər, Allah bilir, indi bir-birinə yapışıb plastilinə dönmüşdülər. İndi o, istəsəydi, o plastilini bıçaqla, çörəyi kəsən kimi kəsərdi, dilimləyib, oturub özü də əsəbi-əsəbi o dilimləri yeyərdi.
Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, əslində ağlı olsa, gərək bir gün o dilimləri nimçəyə qoyub, çəngəl-bıçaqla, ədəb-ərkanla yesin. O səbəbdən ki, bütün bu vur-harayın, bu qaçdı-qovdunun içində nə o makinaya, nə də vərəqlərə çatmayacağını dəqiq bilir. Onları zibil yeşiyinə ata bilməzdi, yaxud kibriti çəkib odlaya bilməzdi. Onlar uşaqlardan əvvəl doğulmuşdular.
Canı sıxıldı… Ufuldayıb özünü balışın üstünə yıxdı, əllərini qoynunda çarpazlayıb bir müddət tavana, sonra çönüb Azada baxa-baxa fikirləşdi ki, axı niyə ərə gedirdi, bu adam onun nəyinə lazım idi?
Fikirləşdi ki, əslinə qalsa axı, həmin bu yarlı-yaraşıqlı, qolu qüvvətli Azad onun heç nəyinə lazım deyildi?!.. Axı çox vaxt günlərlə, həftələrlə Azad adında əri olduğu onun yadına belə düşmürdü?!.. Azadın da, Allaha şükür, öz işi-gücü, dost-tanışı, öz aləmi var idi ki, oraların qoxusundan belə onun ürəyi qalxırdı. Uşaqları həm ona, həm də, yəqin ki, Azada lazım deyildilər. Azad üçün uşaqlar - oyuncaqdan savayı başqa bir şey deyildi. Bunu anası da dəfələrlə demişdi ona, Azad özü də. Boş vaxtlarında, kefi gələndə onlarla, danışıb-gülən, əllərindən tutanda yeriyən maraqlı oyuncaqlarla oynayanda Azad özü də bapbalaca, dəcəl uşağa oxşayırdı.
Uşaqlardan hansısa yuxuda qımıldandı.
Göbəyindən iti, soyuq ildırım keçdi elə bil… Nəfəsini saxlayıb ürəyi döyünə-döyünə sakitliyə qulaq kəsildi.
Uşaqlardan hansısa oyanmışdı… Olsun ki, onun rahat uzanıb fikirləşməyə başladığından duyuq düşmüşdü, odu ki, yerində qurcalanıb oyanmağa hazırlaşırdı ki, onu fikirdən ayırsın…. Oyanan kimi, balaca gözlərini qaranlıqdan onun üzünə zilləyəcəkdi, ağzındakı əmziyi yerə vızıldadıb, balaca əllərini ona tərəf uzadacaqdı. Əvvəl sakitcə bir neçə dəfə «ma…ma…» - deyəcəkdi, onun tərpənmədiyin görüb, altdan-altdan zıqqıldamağa başlayacaqdı, bir qədərdən sonra zəqqəltə zırıltıya çevriləcəkdi… Bu zırıltıya o birisi də oyanacaqdı, o da oyanıb ona qoşulacaqjı və … Bu da olmasa, səhərin gözü açılmamış, ikisi də yerə düşüb, ayağıyalın o yan-bu yana qaçacaqdılar, geyinməsinlər deyə, əllərindən sivişib stolların altında, şkafların altına gizlənəcəkdilər.
Bir dəqiqənin içində beyni alt-üst oldu, yavaşca dikəlib, gözünün ucuyla yaxındakı balaca çarpayıya baxdı. Uşaqlar ikisi də, baş-başa verib yatırdılar...
Nəfəsini dərib balışa düşdü, sonra qəfildən özünə yazığı gəldi, boğazını qəhər tutdu. Fikirləşdi ki, gör bir nə qədər vaxtını, qüvvəsini nələrə sərf edib, işi-gücü tökülüb qalıb, bu il nəşriyyatda çapa hazırlanan kitabının nəşri yenə gələn ilə qalacaq. Çünki yenə heç nə yaza bilməyib. Başı işləmir, vəssalam! Lap başı işləsə də, nə vaxt, harda və necə yazsın?!.. Vaxt isə gedir, amansız sürətlə hardasa qabaqda uçur… ona tərəf baxmadan, onu saya salmadan, hey ha yanasa axır, axır… Uzun illərdən bəri yaddaşının künc-bucağında qoruyub saxladığı, saxladıqca vaxtını ötürdüyü - cücərib yerindəcə çürüyən fikirləri, hissləri başının içindəcə məhv olub gedirdi… böyür-böyürə, üst-üstə yığılıb mənasını, rəngini itiridi...
Əsəbi-əsəbi sol böyrü üstə çönüb fikirləşdi ki, demək, gözü ömrünün axırınacan beləcə yuxarıda, rəflərin üstündə - üstü toz basmış makinada, sarı vərəqlərdə qalacaq… Əlləri kartof soyub, düşbərə bükəndə, paltar çəngələyib, düyü arıtlayanda, gözləri yuxarıdan asılacaq.
Çönüb, üzü Azada uzandı. Burdan - Azadın üzünün yarısı görünürdü. Azadın üzünə, çənəsində, yanağında qaralan tüklərinə baxa-baxa fikirləşdi ki, əvvəllər, uşaqlar olmamışdan, Azad onun üçün maraqlı idi deyə, yaza bilmirdi. Gecə-gündüz onun haqqında fikirləşirdi, hər şeyə onun gözüylə baxırdı, dediyi hər sözü günlərlə götür-qoy edirdi. Amma indi hər şey o qədər aydın, o qədər dəqiq idi ki, bütün bu aydınlıqdan ürəyi bulanırdı. İndi Azadın başındakı tükün sayını, demək istədiyi və deyəcəyi bütün sözlərini, hansı sözdən təəccüblənib, hansına güləcəyini də, demək olar ki, əzbər bilirdi. Azadın yuxuda nə gördüyünü də müəyyən eləmək indi onun üçün elə də çətin iş deyildi.
Üzünü Azadın üzünə yaxınlaşdırıb diqqətlə baxdı. Bu dəqiqə Azad yuxuda şahmat oynayırdı. Atları irəli yeridirdi, topları geriyə çəkirdi. Gərginlikdən, alnını yığa-yığa, dişlərini qıcaya-qıcaya, kiməsə qələbə çalırdı. Üzü elə idi, elə bil oyunu yox, şahmat taxtasını, fiqurlarıqarışıq çeynəyib udurdu, üzbəüz oturan rəqibinin gözünün içinə baxa-baxa, içəri ötürürdü.
Əllərini başının altında çarpazlayıb tavana baxa-baxa fikirləşdi ki, bu gün şənbədi və o yenə iki gün evdə qalası olacaq. Bu fikirdən gözləri yaşardı. Bundan sonra həyatı belə olacaqdı. Uşaqları ətəyindən tutub üstünə dırmaşa-dırmaşa, zıqqıldayıb çəkmələrini islada-islada, onunsa gözü, rəflərin başında saralan vərəqlərdə qala-qala yaşa dolacaqdı, bütün dünyaya və özünə nifrət eləyə-eləyə öləcəkdi. O öləndən sonra illər keçəcəkdi və günlərin bir günü onun bu sarımtıl vərəqləri kiminsə əlinə düşəcəkdi, onları o üz-bü üzünə çevirə-çevirə oxuyacaqdılar...
Qəfildən, uzun aylar əvvəl yazdığı vərəqləri oxumaq, sözünü axıra çatdıra bilməyən bilməyən naməlum müəllifin halına acımaq istədi…
Qurcalanıb ayağa qalxdı.
Uşaqlar da onunla bir, yuxulu-yuxulu tərpəşib qurcalandılar. Elə bil hansısa görünməz saplarla ona bağlı idilər. O, əlini tərpədəndə, əllərini tərpədirdilər, böyrü üstə çönəndə onlar da çönürdülər.
Nəfəsini saxlayıb dayandığı yerdə dondu, elə bil bir dəqiqəliyə öldü. Uşaqlar da, ona bitişik kimi, sakitləşib rahatlandılar.
Gözü vərəqlərdə fikirləşdi ki, nəyin bahasına olur-olsun, uşaqların, sıyıqların və yaş tumanların arasından qurtulub, axır ki, o vərəqləri oxumalıdı, yarımçıq fikirlərini tamamlamalıdı, cümlələrini bitirib nöqtələrini qoymalıdı. Fikirləşdi ki, yeganə çarəsi gecədi. Ancaq gecələr adam kimi yaşaya bilərdi, istədiyi qədər yaza, fikirləşə bilərdi.
Addım atmaq istəyirdi ki, uşaqlardan biri qalxıb yerinin içində oturdu, gözlərini ona zilləyib kal səslə:
-Ma-ma.. - dedi.
Başmaqlarını geyinənəcən, uşağın hövsələsi daraldı, yerinin içində ayaq üstə qalxıb, çarpayının kənarlarından tuta-tuta, var gücü ilə çığırdı:
-Ma-ma!!!
Səsə o biri uşaq da oyanıb ağladı. Azad içini çəkib, başını balışın altına soxdu.
Uşağın birini qucağına alıb, o birinin əlindən darta-darta mətbəxə apardı.
Anası yataq otağından dinməz-söyləməz çıxıb ayaqlarını sürüyə-sürüyə hamama getdi, isti suyu açıb paltaryuyan maşını işə saldı. Anasının başı yenə bağlı idi… Bir qədərdən sonra telefon zəng çaldı və beləliklə onun ürəyi əsə-əsə, dəqiqəbədəqiqə sakit saxlamağa çalışdığı ev öz gündəlik həyatına başladı.
Uşaqlar, paltaryuyan maşınının uğultusundan, ya nədənsə, geyinmək istəmədilər, ağızlarındakı sıyığı onun üzünə tüpürüb, mürəbbəni yerə dağıdıb döyüldülər, ağlaşdılar, sonra hamama girib yuyulmuş paltarları yerə əndərdilər, ayaqlarını isladıb döşəməyə ləpir sala-sala evi dörd dolandılar, yenə döyüldülər. Azad səhər yeməyini yeməd, əsəbi hərəkətlərlə tələm-tələsik geyinib harasa getdi.
Azad gedəndən sonra uşaqlar bir az da coşdular, onun başı yır-yığışa qarışanda, yataq otağındakı güzgünün siyirtmələrini çəkib üzüqoyulu yerə aşırdılar, dodaq boyalarıyla bir-birinin üzünü, sonra döşəküzlərini və divarları yazdılar.
Paltaryuyan axşamacan vığıldayıb hamını əldən saldı, isti suyun buxarı evə dolub hər yeri nəmləndirdi, pilətənin üstündəki xörəklər, çaydanlar buğlana-buğlana, telefon on dəqiqədən bir zəng çala-çala günü beləcə başa vurdular. Bütün axşamı yuxusu qaçsın deyə, dörd fincan qəhvə içdi. Saat doqquzun tamamını göstərəndə, uşaqların əlindən tutub yataq otağına apardı, orda, yarım saat əlləş-vuruşdan sonra ikisini də nəhayət ki, yuxuya verib nəfəsini dərdi.
Uşaqlar yatan kimi evə sakitlik çökdü, elə bil hər şey özünə gəldi. Uşaqlardan sonra anası daha əvvəllər elədiyi kimi mətbəxə keçib orda ona da, özünə də çay süzmədi, ayaqlarını yorğun-yorğun sürüyə-sürüyə, dinməz-söyləməz yataq otağına getdi.
Ürəyi döyünə-döyünə ayağa qalxıb ayaqlarını döşəməyə ehtiyatla basa-basa kitab rəflərinə yaxınlaşdı, əlini uzadıb ehtiyatla makinanın üstündəki vərəqləri götürdü, eləcə asta addımlarla o biri otağa keçib qapını bağladı. İşığı yandırıb yazı masasının arxasına əyləşdi, əlyazmanı masanın üstünə qoyub baxdı. Əlyazma xəstə adama oxşayırdı. Rəngi saralmış, kənarları pürçüklənmişdi. Vərəqləri əlinə alıb tozunu üfürdü, sonra stolun üstünə sərib səliqə ilə bir-birinin ardınca yığdı. Birinci vərəqi əlinə alıb oxumağa başladı. Bu, nə vaxtsa yazmağa başladığı hekayə idi. Kiminsə, olsun ki, özünün bir günü təsvir edilirdi. Əllərini saçlarının dibinə keçirib, həyəcandan titrəyə-titrəyə oxumağa başladısa da, bir neçə vərəqdən sonra titrətməsi dayandı.
Yazıda təsvir olunan qadın, yəni o, hansısa anlaşılmaz, uydurma hisslərinin əsarətində azıb qalmışdı. Həyatının yeknəsəqliyindən, ya darıxdırıcılığından, içini qaza-qaza, orda nələrsə kəşf etməklə məşğul idi və sair və ilaxır.
Vərəqləri, əlləri bulanmasın deyə, masanın üstünə atıb üzünü qapadı. Neçə vaxtdan bəri, yeganə, son xilası bildiyi, əsarətdə qalmış doğma adamına baxan tək, uzaqdaq-uzağa niskillə baxdığı bu saralmış vərəqlərdə onun özündən savayı heç nə yox idi...
Qəfildən ürəyi sıxıldı, vərəqləri cırıb döşəməyə səpələməkdən özünü zorla saxladı. Əllərini saçlarının diblərinə keçirib fikirləşdi ki, yazdıqları - həyatının davamı idi. Ya da əksinə. Axır ki, hər ikisi mənasız və darıxdırıcı idi. İndi də, yazılarında da elə bil Yeri, Göyü, adamları görmədən, yarıqaranlıq, dar çəlləyin içində yaşamışdı... O vaxtdan gör bir nə qədər vaxt ötmüşdü?.. Amma heç nə dəyişməmişdi. Yazıları ona, o da yazılarına oxşamağına davam edirdi...
Sonra qəfildən, bu vaxta qədər yazdıqlarını oxuyan adamlar gözünün qabağına gəldi… və utandığından saçlarının dibi gizildədi.
Gör bir nələr eləmişdi?!.. Neçə illər idi, mağazalara girib ədəb-ərkanla qalaq-qalaq kağız alırdı, otağına çəkilib yazıçı iddiasıyla, beyninə gələnləri kağızlara doldururdu, hələ üstəlik makina da alıb, qonşuların baş-beynini apara-apara taqqataqla yazırdı… bununla da kifayətlənməyib, yazdıqlarını qürurla kimlərəsə oxuyurdu…
Özünə nifrət elədi. Nə qədər mənasız və gülünc idi?!.. Niyə evdə oturub arvadlığını eləmirdi, uşaqlarını başına yığıb nağıl danışmaqdan zövq almırdı?!.. Bu nə iddia idi, yeritmiqdi beyninə?..
Əllərini sallayıb oturdu. Küçəyə də skitlik çökdü. Şər şey - ev də küçə də, onunla birlikdə, hansısa dərin və isti suların altına girdi. Bütün şəhər səsini içinə çəkib ona diqqət kəsilmişdi… onun yazmağını gözləyirdilər. Çox atılıb-düşürdü, uşaqlarına, evinə, maneə, əngəl kimi baxırdı. Guya onlar olmasaydı, uca dağlar yaradacaqdı…
Anası da, onun istedadsız olduğunu bilirdi, Azad da, elə o birilər də. Sadəcə, ürəyini sındırmaq, xətrinə dəymək istəmirdilər. Pərt üzlərlə üzünə gülümsəyib, «çox maraqlıdı…» - deyə-deyə canlarını qurtarırdılar. Odu ki, anası da canını dişinə tutub, səsini içinə salıb, onun hər əzabına dözürdü, uşaqlarını saxlayıb, xörəyini bişirirdi. Azad da ondan bezmişdi, qapını tutanda, bacadan çıxıb qaçırdı.
Tək Azad, anası yox, hamı ondan bezmişdi. İşdəkilər də onu görəndə əsnəyirdilər, həyətdə rastlaşdıbı qonşular da onunla əsnəyə-əsnəyə salamlaşırdılar, qalaq-qalaq yazıb nəşr etdirdiyi yazılarını oxuyanda da hamı, ağızları az qala cırıla-cırıla əsnəyirdi...
Vərəqlərin üstündə cütlədiyi mənasız əllərinə baxırdı. Əlləri də özü kimi istedadsız və adi idi. Fikirləşdi ki, bəlkə pəncərəni açıb özünü aşağı atsın?.. Özünü atmamışdan əvvəl də bir cümləni mütləq yazıb qoysun: «Mən yazıçı deyiləm.» Bunu fikirləşəndə, boğazını, ömründə hiss eləmədiyi elə bir qəhər tutdu ki, az qaldı oturduğu yerdəcə boğulub ölə… Sonra göz yaşlarının qaynar damcılarla vərəqlərin üstünə töküldüyünü müşahidə eləyə-eləyə fikirləşdi ki, özünü öldürməmişdən əvvəl bütün bu biabırçılıqdan qurtarmaqdan ötrü mütləq ilk növbədə makinanı və vərəqləri yoxa çıxarmalıdı. Makinanı elə indicə - evdəkilər və həyət qonşuları yuxuda ikən həyətə düşürüb, orda ağaclığın bir yerində torpağa basdırmalı, vərəqləri də elə orda yandırmalıdı. Sonra da fikirləşdi ki, bəs nəşr olunmuşlar?.. Onları ki, insanların beyinlərindən çıxarıb torpağa basdıra bilməyəcəkdi ki?..
Gözləri doldu... əllərini dizlərinin üstə cütləyib səssiz-səssiz ağladı. Ağlaya-ağlaya fikirləşdi ki, ömrü boyu ən çox qorxduğu - günlərin bir günü lazımsız olmaq idi, o da başına gəldi. Əslində uşaqları da buna görə doğmuşdu, bunun qorxusundan da yazmağa başlamışdı, yazdıqlarını da buna görə nəşr etdirmişdi, ərə də buna görə getmişdi… Hamısı da əbəs yerə. O heç kimə lazım deyildi. Bu dəqiqə pəncərəyə çıxıb özünü aşağı atıb öldürsəydi belə, heç kimin həyatında heç nə dəyişməyəcəkdi. Uzaq başı onun cavan meyitinə baxıb kimlərsə: «heyf…» - deyəcəkdilər, vəssalam. O, öləndən sonra insanlar əsil yazıçıların əsərlərini oxuyacaqdılar… uşaqları, o, işdə olanda böyüdükləri kimi, böyüməklərinə davam edəcəkdilər… Azad həmişəki qaydasıyla işinə gedib-gələcəkdi, boş vaxtlarında öz şahmatını oynayıb futboluna baxacaqdı… anasının canı, onun həyatdan narazı üzünü görməkdən qurtaracaqdı, qonşular səhər-axşam bir-biri ilə salamlaşa-salamlaşa, onun adda, bu sifətdə adamın olub-olmadığının fərqinə varmayacaqdılar… Bir sözlə, həyat əvvəlki axarıyla davam edəcəkdi...
Hönkürüb ağlamamaqdan ötrü ağızını əlləriylə qapayıb səsini içinə saldı.
O biri otaqdan, uşaqların hansınınsa səsi gəldi…
Qalxıb yataq otağına keçdi.
Kiçik qızı yerinin içində oturmuşdu, balaca əllərini ona sarı uzadıb: «A…na…» - deyiə-deyə ağlamağa başladı.
Körpəni qucağına alıb qucağına basdı, üz-gözünü dəli öpüşlərlə öpə-öpə sakit-sakit ağladı.
Körpə başını onun çiyninə qoyub susdu. Elə bil yuxuya getdi.
Uşağı qucağında yellədə-yellədə, həzin-həzin fikirləşdi ki, bəlkə də ondan sonra həyat olduğu kimi davam edəcək, amma uşaqları onsuz pis böyüyəcək.

0 коммент.:

Отправить комментарий