D A H İ
Bu hekayəni Yazıçılar Birliyinin – dünyasını dəyişən və hələ ki, dünyasını dəyişmədən sədaqətlə Böyük Ədəbiyyata xidmət edən üzvlərinə ithaf edirəm...
...Şairə nəhayət ki, evin verilməsindən, hamıdan əvvəl «Qələm» Ədəbiyyat Mərkəzinin əməkdaşları xəbər tutdu...
Elə həmin günün axşamı, yəni həmin o əlamətdar çərşənbə gününün axşamı Mərkəzin redaktoru, «Gənc qələm» mükafatı laureatı Əhməd Ağləpə gözlənilmədən hardansa binanın birinci mərtəbəsində peyda oldu, heysiz ayaqlarını arxasınca sürüyə-sürüyə əvvəl foyenin yuxarı başına yeriyib orda üstünə «Bufet» sözü yazılan balaca pəncərəyə dirsəklənərək zəhərlənən kimi, nəfəs dərmədən dalbadal üç stəkan ayran içdi və yalnız bundan sonra, Şairə ev verilməsi xəbərini çatdırmaqdan ötrü ikinci mərtəbəyə – sədrin otağına qalxdı...
Bir qisim adam bu xəbərin məhz iş gününün axırına yaxın açıqlanmasının səbəbini bununla izah edirdi ki, dövlət dairələri bu hadisənin nə ilə nəticələnəcəyini əvvəlcədən heç cür hesablaya bilmədiyindən, xəbərin məhz axşamüstü, ədəbiyyat və sənət adamlarının – Şairin və şer sənətinin vurğunu olan bir yığın hövsələsiz, əsəbi sənətçinin nəzərinə, məhz günün ikinci yarısı – yaradıcılıq ehtirasları səngiyən vaxt, qızmış beyinlər yorulub heydən düşən məqam çatdırılmasını məqsədəuyğun hesab edib.
O biriləri isə deyirdilər ki, xəbərin o günkü axşama qədər gizlədilməsində dövlətin yeganə məqsədi, Şairə və şairin azarkeşlərinə Yazıçılar Birliyinin qurultayı ərəfəsində bir növ sürpriz etmək niyyəti olub. Dövlət dairələrinin bu niyyətini doğuran əsas səbəb isə, deyilənə görə, millətin ən böyük şairinin evsiz qaldığı bir ölkədə yaşamağı özlərinə təhqir hesab edənlərin sayının son vaxtlar gündən-günə artıb çoxalması imiş.
«...Ədəbiyyat adamları bu barədə yazmaqdan və danışmaqdan yorulmur, Şairi sevən minlərlə oxucu bu haqlı narazılıq dalğasına qoşulur, az qala, ümumxalq üsyanına oxşamağa başlayan bu təhlükəli dalğa, elə bil nə Yazıçılar Birliyinin rəhbərliyini, nə də dövlət məmurlarını narahat eləmir...» – qəzetlər yazırdı.
Ədəbiyyat aləminin bir qismi, dövlət dairələrinin şer sənətinə olan bu laqeydliyini Şairin, əvvəlki iqtidar nümayəndələrinə, ələlxüsus eks-prezidentə olan açıq-aşkar isti münasibəti ilə əlaqələndirirdilər. Deyilənə görə, dövlətin bu haqsız etinasızlığı Şairin, keçmiş prezidentə həsr etdiyi sevgi şerindən sonra bir az da qəlizləşmişdi.
...Kimə həsr edilməyindən asılı olmayaraq, bu, ciddi ədəbiyyat nümunəsidi... – ədəbi nəzəriyyəçilər deyirdi.
Müxalif əhlin iqtidara olan nifrəti, getdikcə qatılaşıb məhəbbətə çevrilməkdə olan böyük bir qisminə görə isə, həmin o şer iqtidarın mənəvi dayaqlarını əməlli-başlı laxlatmışdı.
Elə də deyirdilər, elə bil iqtidarın mənəvi dayaqlarını gözləriylə görmüşdülər.
Şairin yaxınları bu söz-söhbətdən əsəbləşir, «axı Şairin siyasətlə nə işi vardı?.. Nəyinə lazım idi kim-kimə daş atır, niyə atır, nədən ötrü atır?!.» – deyib başlarını yelləyirdilər. «Axı o, bütün siyasətlərdən və siyasətə aid olan hər bir şeydən ucadadı...»
Birliyin aqressiv üzvləri isə Şairin, uzun müddətdən bəri ev sarıdan korluq çəkməsinin ən böyük günahını Yazıçılar Birliyinin rəhbərliyində görürdülər. Bu səbəbdən Birliyi tez-tez mətbuat səhifələrində, televiziya və radio müsahibələrində köməksiz, süst, ölü təşkilat adlandırırdılar.
Deyilənə görə, bu yöndəmsiz vəziyyətdən ən çox Birliyin sədri, incə qəlbli Vəfa müəllim əziyyət çəkirdi. Birliyin, totalitar recimdən sonra, guya müstəqil ölkənin demokratik bir təşkilata çevrilməsi, əslində isə miskin bir vəziyyətə düşməsi barədə Vəfa müəllim dönə-dönə izahat-arayış verirdisə də, sözləri niyəsə eşidilmir, elə bil qəsdən dərk edilmirdi. Şairin evsizliyi faktı bütün məntiqi arqumentləri, qızmar tavaya düşən su damlası kimi göz qırpımında əridib buxarlandırırdı...
Birlik əməkdaşlarının dediyinə görə, bu məsələ son vaxtlar Vəfa müəllimin səhhətinə də pis təsir eləmişdi. Axır günlər onu tez-tez Birliyin poliklinikasında, damarına əsəbsakitləşdirici dərmanların köçürülməsi üçün süni dəri üzlü yumşaq çarpayılarla dolu tənha otaqda uzandığını görənlər də olmuşdu. Deyilənə görə, son vaxtlar o, işə də sübh tezdən gəlir, kabinetinə girib qapını o üzdən açarlayır, katibənin köməkliyi ilə otağına düşənlərlə ağızucu danışaraq elə bil hamını başından rədd eləmək istəyirdi. İş gününün axırlarında isə onu, yorğun gözlərini üzbəüz divara, dünyasını dəyişmiş milli ədəbi korifeylərin imzaları həkk edilmiş taxta lövhəyə dikərək fikrə dalmış vəziyyətdə tapırdılar...
* * *
Şairin evsiz-eşiksiz, pulsuz-parasız bir vəziyyətdə, şəhərdən uzaq bir qəsəbədə, nəmiş və kəsafət iyi verən birotaqlı uçuq-sökük evdə kirayədə qalmağı, ən çox onun işlədiyi «Qələm» Ədəbiyyat Mərkəzinin qələm əhlini və Mərkəzin əsəbi direktoru, dramaturq-nasir Qulam Hüseynlini bərk əsəbiləşdirirdi.
...Əhməd Ağləpənin xəbərindən hələ bir neçə gün əvvəl necə olmuşdusa, Qulam Hüseynli yuxusunda çoxlu əsgər görmüşdü. Əsgərlər Mərkəzin ikimərtəbəli binasını mühasirəyə almışdılar, pəncərələrinin çöl tərəfindən qorxulu üzləriylə içəri baxmışdılar...
Yuxunun səhəri günü Qulam Hüseynli fikirli halda işə gəlmiş, qələm dostu Fərəci təcili yanına çağırmış və gözləri yol çəkə-çəkə gecəki yuxusunu, gördüyü kimi ona danışmışdı.
Ona diqqətlə qulaq asdıqdan sonra balaca, çalsaç naşir bir neçə anlığa fikrə daldıqdan sonra adəti üzrə qaşlarını əsdirərək:
– Bu o deməkdi ki, yenə dövlət çevrilişi olacaq... – demişdisə də, Qulam Hüseynli Fərəcin bic gözlərindən, bu deyilənlərin səmimi söz, yaxud növbəti qəddar zarafat olduğunu ayırd eləyə bilməmişdi.
...Odu ki, iş gününün axırına yaxın Əhməd Ağləpə çaşqın üzü ilə kabinetin qapısından içəri boylananda, Qulam Hüseynli nədənsə o dəqiqə həmin o gecəki yuxusunu xatırladı. Səbrini basıb, təbiətinə uyuşmayan hövsələ ilə Ağləpənin nə deyəcəyini gözlədi.
– Qulam müəllim, Şairə axır ki, ev verdilər!.. – Ağləpə deyib elə bil yerində laxladı.
Bu gözlənilməz xəbərdən o dəqiqə Qulam Hüseynlinin gözləri doldu, Şairin kölgəli üzü gözünün qabağına gəldi.
Şair, içi əzab və üzüntü dolu xırda, qonur gözləriylə onun gözünün içinə baxıb həmişəki acı istehzasıyla:
– ...Fikir eləmə Quli, tarix boyu belə olub... Şairin dərisi soyular, sinəsini güllələr bəzər... – dedi, sonra ağır, ləngərli yerişiylə yırğalana-yırğalana uzaqlaşıb gözdən itdi.
– ...dedi ki, evi şəxsən Prezidentin özü verib... Görüşün sonunda, deyirlər, hamı ayağa qalxıb dağılışmağa başlayan vaxt, Prezident birdən-birə getdiyi yerdə ayaq saxlayıb geriyə çönüb, sol əlini yuxarı qaldırıb, camaatı getdiyi yerdə, qapının ağzında saxlayıb... Yalan-doğru, deyirlər Şairin şerindən bir misra da əzbərdən deyib...
Həyəcandan, ya soyuqdan göyərən Ağləpə bütün bunları birnəfəsə dedi.
– Axı bütün bunları sənə kim deyib?.. – otağa haçansa daxil olmuş Dəniz artıq həmişəki yerinə – pəncərənin qabağındakı kresloya oturmağa macal tapmışdı, indi əlləri qoltuğunda çölə baxa-baxa danışırdı...
– Qaya Qarayel...
– Qaya Qarayelin bura nə dəxli?.. – Qulam Hüseynli gözləri yol çəkə-çəkə əsəbi-əsəbi çiyinlərini atdı.
– Mən onu İstiqlaliyyət küçəsi ilə üzüaşağı düşəndə gördüm. Elə həyəcanlıydı ki... Hələ onu o cür görməmişdim. Danışanda səsi titrəyirdi...
...Ağləpənin bu sözündən sonra otağa ani sükut çökdü. Hərə gözünü bir nöqtəyə zilləyib fikrə getdi. Arada qapı aralandı.
Fərəc içərinin ab-havasına uyğun xırda, səssiz addımlarla otağın yuxarı küncünə yeriyib hündür söykənəcəkli, nəhəng kreslonun bir küncündə oturdu.
– ...o, özü dedi... Mən heç nə soruşmurdum. Dedi ki, dünən gecəylə evlərinə zəng vurub onu – təcili surətdə Prezident Aparatına çağırtdırıblar. Orda ondan, Şair barədə arayışabənzər nə isə yazmağı tələb ediblər.
Ağləpə burda sözünü kəsib, otağa nə vaxtsa daxil olub künc-bucağı doldulan Mərkəz əhlinə baxdı.
Qulam Hüseynli gözləri yol çəkə-çəkə stolunun üstündəki hansısa naməlum nöqtəyə, Dəniz əlləri qoltuğunda pəncərədən çölə, Fərəc, ayağını ayağına aşırdığından, az qala hamının gözünə girən altı açılmış köhnə ayaqqabısına, «Yeni Fyüzat» curnalının baş redaktoru, şair Aslanoğlu əlinin içində oynatdığı boş kibrit qutusuna, o birilər də üzlərindəki sual ifadəsi ilə Qulam Hüseynliyə baxırdılar...
– Hə də, indi daha Qarayelin qabağında dayanmaq olmayacaq. Deyəcək ki, Şairə evi mən verdim. – Aslanoğlu qəfildən qışqıra-qışqıra deyib başını yellədə-yellədə o birilərin üzünə baxdı.
Bu an telefon zəng çaldı və dəstəyin o başında Qaya Qarayelin çığırtısı eşidildi. Qarayel həmişəki kimi birnəfəsə çığıra-çığıra, dünən gecədən xeyli keçmiş Prezident Aparatında, Şair və onun sənəti barədə yazdığı arayışdan məlumat verib cavabı gözləmədən dəstəyi asdı. Ya xətt öz-özünə pozuldu?..
Qulam Hüseynli bir müddət dəstək əlində dayanıb nəyisə gözlədi, sonra dəstəyi yerinə qoyub fikirli-fikirli:
– Deyir onun arayışından sonra olub... – dedi.
– Nə deyir?.. – kimsə otağın aşağı başından inildədi.
– Deyir, arayışla tanış olandan sonra o məsələ ortaya çıxıb. Şairin ev məsələsini deyir də... – Qulam Hüseynli bu naməlum qarmaqarışıqdan boğula-boğula dedi.
Bu sayaq qarmaqarışıq işlər, məntiqsiz dolama-dolaşıqlıq, qeyri-müəyyənliklər onu həmişə hövsələdən çıxarırdı. Qulam Hüseynli nəsrində də belə idi. Bütün əsərlərində, ifadə və cümlələrində belə aydınlığı, məntiqi ardıcıllığı gözləyirdi. Odu ki, tənqidçilər Qulam Hüseynliyinin yaradıcılığını təhlil edəndə, ilk növbədə onun nəsrindəki aydın məntiqə, sadə bədii üslubuna əsaslanırdılar.
– Mən nə dedim?.. Gördüz?.. – Aslanoğlu gözlərinin dərinliyində nə isə yanıb sönə-sönə, o birilərə baxa-baxa çığırdı.
– Sən Allah yavaş danış... – Qulam Hüseynli Aslanoğluna baxmadan, üzünü ovuşdura-ovuşdura dedi – ...onsuz da ölürük...
...Hava qaralandan sonra, Şairin ev xəbərinə yığışmış Mərkəz əhli dağılışandan sonra, sədrin otağında bütün ekstremal hallarda olduğu kimi, Qulam Hüseynli ilə Fərəc təkbətək qaldılar. Hava qaraldıqca, Qulam Hüseynlinin dörd yanı işıqlı lampalar dolu otağına da elə bir qaranlıq çökürdü...
– Burda bir neçə varinat ola bilər... – Fərəc xırda gözləriylə tüstünün içində nə isə axtara-axtara dedi. – Əvvəla ola bilər ki, Prezident bununla sadəcə tarixdə qalmaq istəyir. Yəni tarixdə, həm də məmləkətin Şairinə yaşamağa şərait yaradan ədalətli şah kimi qalmaq istəyir.
Fərəc bunu deyib gözucu Qulama baxdı, ona qulaq asıb-asmadığını dəqiqləşdirib sözünə davam elədi:
– Ola da bilər ki, Şairin poeziyası, şerin vurğunu olan Prezidentdən həqiqətən keçib. Və o, bunu heç bir ikinci məna güdmədən, böyük ədəbiyyat naminə eləyib. Digər bir versiya isə...
...Bu an Qulam Hüseynlinin, az qala bütün bədəniylə üstünə yayxandığı telefonu cingildədi. Telefonun o başında Dənizin həyəcanlı səsi eşidildi:
– Məncə yeganə versiya budu ki, Prezidentin, şair sevgisinə ehtiyacı yaranıb...
Sonra Dəniz şair sevgisinin insana nə boyda enerci verməsi barədə tələm-tələsik danışıb elə xudahafizləşdi, elə bil harasa tələsirdi...
– ...Üçüncü versiya... – Fərəc heç nə olmayıbmış kimi, üçüncü barmağını ovcuna basıb sözünə davam elədi.
– ...Demək o bədii sözün nə olduğunu bilir... – Qulam Hüseynli qəfildən Fərəcin sözünü kəsdi, üzü birdən-birə işıqlana-işıqlana – Demək o, hər şeyi anlayır... – dedi – Biz isə...
...Fərəc Qulamın üzünün bu sayaq işıqlandığını uzun illərdən bəri görməmişdi deyə, özünü bir qədər yöndəmsiz hiss etdi:
– Əlbəttə anlayır... – dedi. – Mən həmişə deyirdim... yenə deyirəm... Bəlkə də ən böyük yazıçı elə odu...
– Demək o, bizi anlayır... – Qulam Hüseynli bu dəfə elə bil özünə dedi və hiss elədi ki, boğazını qəhər tutdu.
Belə hallarda, yəni Qulam Hüseynli nədənsə kövrəlib qəhərlənəndə, Fərəc həmişə özünü pis hiss edirdi. Bu mərd qəlbli uşaqlıq dostunun, neçə-neçə əsərlər müəllifinin nədənsə sarsılıb zəifləməsi pisinə gəlir, özünü onun bu zəifliyində nədənsə günahkar hiss eləyirdi.
Amma bu dəfə dostunun bu halı, ədəbiyyatı, həyatı qədər sevən Fərəcin də ürəyinin başını sökdü. Fərəcin ürəyinin başını bir dəfə ən çox sökən Qulam Hüseynlinin – əlli bir yaşlı bu gövdəli, zəhmli adamın həmin dəqiqə köməksiz, yetim uşağa oxşamasıydı...
* * *
...Bütün axşamı Qulam Hüseynli birotaqlı tənha mənzilində televizorla üzbəüz kresloda oturub mürgüləyə-mürgüləyə, bayaq Fərəcin, balaca barmaqlarını, düyməni basan kimi ovcuna bir-bir basa-basa saydığı versiyalar barədə fikirləşirdisə də, dəqiq heç birinin üstündə dayana bilmirdi. Versiyaların hər biri, o birini qabaqlayırdı.
Dəqiq olan bir şey var idisə, o da Prezidentin, səhər-axşam yerli mətbuatda, xarici radio stansiyalarında iqtidarı və onun infantil siyasətini söyən gözlənilmədən Şairə ev verməsində nə isə gizli, onların bilmədiyi sirli səbəblər var idi...
Sonra Qulam Hüseynli eləcə televizorun qabağında otura-otura mürgülədiyi yerdə yuxuda Fərəci gördü. Fərəc ona bic-bic göz vurub:
– Onun ən böyük əsəri bizik!.. – dedi.
...Səhəri günü ədəbi dairələrdə, qəzet-curnal redaksiyalarında, yaradıcılıq birliklərində aləm bir-birinə dəymişdi. Hər yerdə Şairin evi «yuyulur», şərəfinə sağlıqlar deyilir, mətbuata mətnlər hazırlanır, Prezidentə təşəkkür teleqramları vurulurdu...
Bu hadisədən təsirlənən bir dəstə ədəbiyyatçı deyilənə görə, Prezidentə, Bədii Sözün təsir qüvvəsindən, Sözün qəlblərdə və şüurlarda yaratdığı dəyişikliklərdən və təzadlardan, nəhayət Sözün, hadisələri dəyişmək iqtidarında olan fiziki qüvvəsindən bəhs edən iyirmi üç səhifəlik təşəkkür teleqramı vurmuşdular.
Şairin pərəstişkarları isə deyilənə görə, şerin və sənətin təntənəsi rəmzi kimi, hansısa orta əsrlər şairinin qəbrini ziyarət edərək orda poeziya günü keçirmiş, Şairin misralarından söyləyib ölən şairin qəbri üstünə gül-çiçək dəstələri düzmüşdülər.
...Deyilənə görə, Şairin bir neçə qələm dostu yığışıb onu təbrik eləmək məqsədi ilə şəhərdən uzaq qəsəbələrin birində yerləşən birotaqlı, uçuq evinə getmişdilərsə də, orda Şairi, bu qəfil xəbərdən sevinib uçmağa hazır vəziyyətdə yox, evin qaranlıq bir küncündə, dünyadan küsmüş halda, üzü divara yatdığı yerdə tapmışdılar.
Deyirlər, Şair qələm dostlarını görüb ayağa qalxmış, evin darlığı ucbatından hərəkət eləmədiyindən şişib iki lay sütuna çönən ayaqlarını ağır-ağır sürüyə-sürüyə onlara sarı yerimiş, üzündəki günahkar ifadəylə:
– O özü verdi... mən istəmirdim... – deyib çaşqınlıq içində həmkarlarının gözünün içinə baxmışdı...
...Prezidentin, müxalifəti açıq-aydın dəstəkləyən Şairə ev verməsi, hələ üstəlik, şerindən bir bənd də söyləməsi xəbəri bir günün içində ədəbiyyat dairələrinin sərhədlərini aşaraq, ədəbiyyata dəxli olan və olmayan əraziləri də bürüməkdəydi...
Versiyalardan biri bu idi ki, Prezidentin «oturduğu yerdə» Şairə ev verməyi, sadəcə seçkiqabağı özünə bir qədərdə də xal toplamaq məqsədiydi. Yəni, Şairin pərəstişkarlar ordusu, üstə gəl Şairə tapınan müxalif partiyalar, üstə gəl ədəbi aləm...
...O biri versiyaya görə, Prezidentin Şairə ev verməsi – nə vaxtsa bu böyük söz ustasının onun da şərəfinə yazacağı portret – şerin yaranması üçün atılan uzaqgörən addım idi.
Keçmiş prezidentin – hakimiyyətə gözlənilmədən, hətta deyilənə görə, özü istəmədən gələn, ortabab dilçi – alimin, Şairin məhz o şerindən sonra birdən-birə əfsanəvilik qazanması, minlərlə adamın qəlbində özünə yer tapması elə-belə hadisə deyildi və görünür məhz elə bu səbəbdən də Prezidentin diqqətini cəlb etmişdi. İndi əgər Şair öz incə sənətiylə Prezidentin – anadan hakimiyyət üçün doğulmuş, öz canını millət yolunda qoymağa hazır olan bu müdrik rəhbərin portretini yaratsaydı, onda bu obrazının, tarixin yaddaşından silinməsi qeyri-mümkün bir iş olacaqdı...
* * *
...O bir günün axşamı – soyuq küləkli, xəzanlı bir payız axşamı Qulam Hüseynli hələ də versiyalar dənizində üzə-üzə işdən evə dönərkən, qaranlıq tinlərin birində kiminləsə burun-buruna toqquşdu:
– Ah, əzizim... – deyə toqquşduğu adam heysiz səsi ilə inildəyib üzünü göstərmədən başını onun sinəsinə elə dayadı, elə bil bayaqdan bəri bu qaranlıq tində gizlicə dayanıb onun gəlişini gözləyirdi.
– Mən bilirdim... həmişə bilirdim ki, bizim içimizdə ən qeyrətlisi sənsən. Yenə sən, yenə Quli...
Qulam Hüseynli haçandan-haçana, bütün ömrünü və yaradıcılığını, qara neftin başıbəlalı aqibətindən, əli mazutlu, sadə qara fəhlələrin taleyindən qalın romanlar yazmağa sərf edən ağ saçlı Salah Sarızadəni şirin ləhcəsindən tanıdı.
– Hər şey boş imiş demək... hər şey yalanmış... Ədəbiyyat... – burda qoca yazıçının səsi harasa uzaqlaşıb itdi, sonra lap uzaqdan gəldi – qanımızla, canımızla, yaratdığımız ədəbiyyat... Ömrümüzü həsr etdiyimiz ədəbiyyat demə, heç kimə gərək deyilmiş, Quli...
Sarızadə, Qulam Hüseynlinin sinəsində elə danışırdı, elə bil ondan ayrılıb sərbəst dayanmağa qüvvəti yox idi.
Qoca yazıçının sümüklü, cansız bədənini mümkün qədər nəzakətlə özündən aralayıb üzünə baxdı:
– Niyə lazım deyil axı?..
– Deyil, deyil. Lazım olsaydı, ədəbiyyatın qədri bilinsəydi, onlar belə eləməzdilər.
Qoca bunu deyəndə səsi əsdi, boğazını qəhər tutdu, üzü, incimiş uşaq üzü kimi büzüldü.
– Onlar neylədilər axı, Salah müəllim?..
– Mən... əlli ilin yazıçısı, otuz iki roman, yüz on dörd hekayə müəllifi, Böyük Vətən müharibəsi əlili, bütün ömrünü ədəbiyyata həsr edən müsəlləh əsgər... şəhərin ucqar bir məhəlləsində, uzun illərdən bəri kommunal evdə yaşadığım halda, bunlar hərəsinin üç-dörd mənzili olanlara ev paylayırlar...
Qulam Hüseynli Salah Sarızadənin bu sözündən duruxdu. Ədəbiyyat aləmində uzun illərdən bəri nəcib, xeyirxah təbiəti ilə tanınan qocaman yazıçının üzünə diqqətlə baxdı:
– Kimi deyirsiz, Salah müəllim?.. Şairi deyirsizsə o yazıq...
– Nə şair, canım?!. Elə indicə zəng vurdular ki, Prezident Ağsaqqallar Şurasının bütün üzvlərinə qurultay münasibəti ilə ev paylayıb...
Qulam Hüseynli ağzını doldurub nə isə demək istəyirdi ki, Sarızadə qəfildən üzünü yana çevirib yenə Ağsaqqallar Şurasından nə isə dabanı əzik, çəkmələrini sürütləyə-sürütləyə yolun o biri tərəfinə keçdi. Sonra yolun o üzündən:
– Təzə roman yazmışam... göndərəcəyəm!.. Yenə neft barədədi!.. – deyib uzaqlaşdı...
...Qulam Hüseynli evə çatanda televiziya ilə Prezident sarayından yazıçılarla keçirilən görüşü verirdilər.
...Prezident bu dəfə içəri həmişəki kimi iclas salonunun qoşalaylı giriş qapısından yox, hardansa arxa tərəfdən, bir-birinə az qala bitişik divarların hansınınsa arasından daxil oldu. Əzəmətli görkəmiylə bir müddət üçrəngli milli bayrağın önündə dayanıb elə bil nəyisə gözlədi, sonra adi qulaqların eşidə bilmədiyi əmri almış kimi, salonun özü böyüklüyündə dəyirmi stolun baş tərəfindəki yerinə əyləşdi, çəhrayı üzü ilə gözünün ağından azca seçilən açıq boz bəbəkləriylə ətrafındakıları nəzərdən keçirib gülümsədi və nə isə dedi.
Ağsaqqal yazıçılar nəyə görəsə eyni səmtdə – nəhəng stolun sağ tərəfində əyləşmişdilər, üzlərindəki məmnun, eyni zamanda narahat təbəssümlə Prezidentə baxırdılar.
Prezident stolun üstündə cütlədiyi əllərinə baxa-baxa danışırdı. Qulam Hüseynliyə nədənsə elə gəldi ki, prezident əllərinə baxa-baxa həm də elə bil salonda oturanlara baxır.
...Bir qədər sonra isə kamera iri planda bir-bir ağsaqqal ədiblərin üzlərini göstərməyə başladı və Qulam Hüseynli özündən asılı olmadan nəfəsini saxladı.
Uzun illərdən bəri tanıdığı bu görkəmlilərin üzlərində gedən anlaşılmaz dəyişiklikdən Qulam Hüseynlinin oturduğu yerdə vahimədən az qaldı ürəyi dayana...
Başda oturan qocaman xalq şairi Küskün nədənsə böyründə oturan xalq yazıçısı Tarı Verdiyevə, Tarı Verdiyev, ondan iki kreslo aşağıda oturan dramaturq-nasir Sumbatlıya, Sumbatlı, lap axırıncı kresloda oturan xalq şairi Atilla Zərdüştə, Atilla isə qəribəydi ki, indicə küçədə, qaranlıq tində burun-buruna dəydiyi incik Sarızadəyə oxşayırdı...
Çox keçmədi ki, xalq şairi Küskün bükülü dizlərini çəkə-çəkə salonun yuxarı küncündə qoyulmuş nəhəng mıxaoxşar kürsüyə sarı yeridi, bükük qollarını kürsüyə dirəyib ağarmış bəniziylə ölkənin son illərdə qazandığı, nailiyyətlərdən, neft hasilatından, uğurlu xarici siyasətindən danışmağa başladı.
Elə bu vaxt Qulam Hüseynlinin kreslosuna bitişik mizin üstündəki telefon zəng çaldı.
– Qulam müəllim!.. – Əhməd Ağləpə telefonun o başından elə qışqırırdı, elə bil hardansa uzaqdan, dörd bir yanını, nəhəng dalğalar uçuran küləkli, tufanlı adadan danışırdı... – ...Xəbəriniz oldu, nə oldu?.. – Əhmədin səsi arada bir itir, dənizin sulu köpüyü şahə qalxıb telefon xəttinin içinə dolurdu...
– Bərkdən danış, yaxşı eşitmirəm!.. – Qulam Hüseynli dəstəyin mikrofonunu ovcuyla tutub çığırdı.
– Şair Küskün vəfat etdi!..
– Küskün?!. – Qulam Hüseynli hələ də ekranda ağarmış bənizi ilə xarici siyasətdən danışan Küskünə baxa-baxa hiss elədi ki, bədənini soyuq tər basır... – Başına at təpib, nədi?!. Kişi budu bax, danışır...
– O videoyazıdı!.. Görüş saat altıda qurtarıb!.. Küskün elə ordaca, Prezident Aparatının liftində keçinib!.. Deyirlər, elə qəfildən dizləri bükülüb, başı sinəsinə... Ağləpənin səsi arada itirdi - Əvvəl elə biliblər ürəyi gedib, təcili yardım... gələndən sonra üzünü bağladılar... Özüm gördüm!..
Ağləpə sonra bir müddət yenə çığıra-çığıra, naməlum dənizin dalğaları telefon tellərini isladıb az qala yuyub apara-apara, Prezidentlə görüşdən sonra baş verən hadisələrdən danışdı...
Ağləpənin dediyinə görə, görüşdən sonra qocalardan bir neçəsinin də halı beləcə xarablaşmışdı.
Milli faciədən bəhs edən əsərləri son üç ildə iki dəfə Dövlət mükafatına layiq görülmüş, xalq yazıçısı Nemət Özəlin, Prezident Aparatının dəhlizlərindən birində ürək çatışmazlığından nəbzi dayanmışdı deyə, onu təcili yardım maşınında ordan birbaş mərkəzi xəstəxanalardan birinə aparmışdılar.
Ağləpənin dediyinə görə o birilərin vəziyyəti də yaxşı deyildi...
– ...aparatın qabağında təcili yardım maşınlarının əlindən tərpənməyə yer yox idi!.. – Ağləpənin səsi çığırmaqdan xırıldayırdı.
– Axı sən hardan danışırsan?.. – Qulam Hüseynlinin bu yerdə hövsələsi daraldı...
– Elə burdan, sizin evin altından!.. – deyə Ağləpə çığırdı.
Dəstəyi asandan sonra Qulam Hüseynlinin bir müddət qulaqları uğuldadı, Ağləpənin təsvirlərindən alınan ətürpədən mənzərədən boğazı qurudu.
Qoca sənətçilərin, döyüşdə ağır bədən xəsarəti almış əsgərlər kimi, aparatın binasından xərəklərlə çıxarılıb təcili yardım maşınlarına doldurulması gözünün qabağına gəldi.
Ekrandakı qocaların isə vəziyyəti yaxşı idi. Onlar bir-bir ayağa qalxır, ağarmış bənizləri ilə kürsüyə sarı addımlayır, orda ədəbiyyata dəxli olmayan məsələlərdən danışır, narahat bir qürurla kürsünü tərk edir, yerlərinə əyləşəndən sonra orda təzədən ağarırdılar.
Görüşün sonunda, ağsaqqallar ayağa qalxıb iclas salonundan dağılışmağa başlayanda, kamera qəfildən, getdiyi yerdə ayaq saxlayıb geriyə çönən, sol əlini yuxarı qaldırıb: «Bircə dəqiqə!..» – deyən Prezidentə sarı çöndü.
Prezident bir anlığa pauza verib şəhər merini yanına çağırtdırdı və heç bir izahat etmədən, görüşdə iştirak edən ağsaqqal sənətçilərin hər birinə, şəhərin mərkəzi yerlərində dördotaqlı mənzil ayrılması barədə göstərişlərini verdi, sonra görüşdə iştirak edən xalq şairlərindən kiminsə şerini dedi və burda veriliş bitdi.
...Bütün gecəni Qulam Hüseynli yuxulaya bilmədi...
Prezident Aparatının, təcili yardım maşınlarıyla dolub qaynaşan binası, Prezidentin, əllərinə baxa-baxa danışmağı, üzləri vahimə və saxta qürur dolu yazıçılar gözünün qabağından getmədi...
Sonra Qulam Hüseynli bütün bunaları yuxusunda da gördü... Bir neçə il bundan əvvəl dünyasını dəyişmiş qələm dostları – pulsuzluq ucbatından özünü əl-üz dəsmalı ilə asmış Məmmədyar, içkidən ciyəri dağılan Səid Mirzə, gecə yuxudaca ürəyi dayanan Surxay, bərkdən danışmaqdan beyninə qan sızan Elbrus da ordaydılar, aparatın işçilərinə qoşulub halsız qocaları xərəklərə yığırdılar...
Əhməd Ağləpənin qaranlıq, tufanlı dənizin ortasındakı ovuc boyda adada bitən tənha telefon budkasından çığıra-çığıra dediyi son sözlərindən başının tükləri biz-biz dururdu...
«O, bunu böyük ədəbiyyat naminə edir!.. Böyük ədəbiyyat naminə!..»
...Səhəri günü, Prezidentin, ağsaqqal yazıçılara da ev verməsi, ağsaqqaların səhhəti ilə bağlı cürbəcür, qorxunc xəbərlər dalğası ədəbi dairələri bir də çalxaladı...
Xalq şairi Küskünün dəfni, dövlət dəfn komissiyasının qərarı ilə, üç gündən sonraya, Yazıçılar Birliyinin Qurultayı işini bitirən günün səhərisinə təyin olundu.
Deyilənə görə, dünənki görüşdən sonra bütün axşamı xalq yazıçısı Nemət Özəl ürək çatışmazlığından anlaqsız vəziyyətdə olmuş, özünə gəldikdən sonra isə gözlənilmədən temperaturu qalxmışdı.
Xəstənin temperaturunun belə qəfil sıçrayışla yüksəlməsinin ürək çatışmazlığı ilə heç cür əlaqələndirə bilməyən həkimlər, yüksək hərarətin səbəblərini aydınlaşdırmaq məqsədilə təcili surətdə, hərtərəfli tədqiqat aparılması üçün analiz, rentgen və flüroqrafiya rəyləri toplayaraq respublikanın tanınmış həkimlərindən ibarət konsilium çağırmışdılarsa da, heç bir dəqiq nəticə əldə edə bilməmişdilər.
Deyilənə görə, ömrünü milli ədəbiyyatın düzgün istiqamətdə inkişafına həsr edən bu ağsaqqal yazıçı bütün gecəni yorğanı burnunda, huşsuz vəziyyətdə qızdırma içində titrətmiş, yalnız səhərə yaxın gözünü yarım açaraq:
– O, bunu mənə görə elədi... – deyərək yenə özündən getmişdi.
Bir də, deyilənə görə, Atilla Zərdüştün vəziyyəti ağır idi. Bu zəhmətkeş ədəbiyyat fədaisi Prezidentlə görüşdən qayıdandan sonra dinməz-söyləməz otağına girib qapısını bağlamış və evdəkilərin, sonradan çaş-baş qalmış ailə üzvlərinə qoşulan qonşuların hay-küy salıb qapını döyəcləməsinə baxmayaraq, qapını açmamışdı.
Gecədən xeyli keçəndən sonra qonşular qapını sındıraraq otağa daxil olmuş və qocanı yazı stolunun arxasında ağzı əyilmiş halda, döyükmüş üzü ilə oturmuş vəziyyətdə tapmışdılar.
Deyilənə görə, onu xərəyə qoyub pillələri düşürərkən, qoca sənətçi keyimiş dilini ağzının içində zorla tərpədə-tərpədə:
– O, bunu mənə görə elədi... – deyibmiş.
Prezidentin, ağsaqqal yazıçılara mənzil verməsi barədə yeni və yeni versiyalar o birilərə qarışır, onsuz da dumanlı qurultay ərəfəsi dumanını bir az da qatılaşdırırdı...
Bir qisim adam Prezidentin bu hərəkətini – son illər ölkənin dəqiqədəbir dəyişən siyasi ab-havasına ustalıqla uyğunlaşan, keçmiş prezidentlərin hər birinə, əvvəlki sədaqətlərinə bənzəri olmayan yeni və yeni növ sədaqət növləri nümayiş etdirən bu istedad sahiblərini utandırmaq məqsədi kimi qiymətləndirirdi...
Digərləri isə danışırdı ki, milli ədəbiyyatın, bu naftalin qoxulu müəlliflərdən ibarət olduğunu zənn edən Prezident sadəcə yeni, istedadlı ədəbi qüvvələrdən xəbərsiz olduğundan qurultayqabağı söz sənətinə verdiyi qiyməti, uzun illərdən bəri tanıdığı bu «məşhurların» simasında həyata keçirir... və sair və ilaxır...
* * *
...Qulam Hüseynli gecəki yuxusunun təsiri altında Mərkəzə daxil olanda foyeyə yığışan «Avanqard»çıların bir hissəsi artıq dağılışmışdı...
«Avanqard»çılar birliyinin yenicə seçilmiş sədri Dünya Qocagül – gənc, qara adam acıqlı yumruqlarını arxasında gizləyib güləşçi yerişinə bənzər qısa, çevik addımlarla onun üstünə yeridisə də, Qulam Hüseynli heysiz səsi ilə:
– Bilirəm... Amma indi halım yoxdu, Dünya... – deyib Dünyanı səsi ilə geriyə itələdi.
– Deyirdim, bir məsləhətləşərdik... – Dünya Qocagül Qulam Hüseynlinin ardınca pillələri çıxa-çıxa elə bil özü-özü ilə danışırdı.
– Nə barədə məsləhətləşərdik?..
– Biz bəyanat hazırlamışıq.
– Nə bəyanat?.. Siz də ev istəyirsiz?.. – Qulam Hüseynli pillələri çıxdığı yerdə çönüb nifrətlə Dünya Qocagülün, görünür təzəlikcə yenə hardasa keçirdiyi mitinqdən qızarıb şişən üzünə baxdı...
– Niyə də istəməyək?.. Biz burda acından qırılırıq, balalarımız onun-bunun evində yatır, mənzilləri isə əlli yerdə imarəti olan qocalara verirlər...
Dünya Qocagülün əsəbi danışığından idi, ya xalq şairi Küskünün qəfil vəfatının dünəndən bəri canına yaydığı matəm havasından idi, ya bu gecəki yuxuda Ağləpənin çığıra-çığıra: «O, bunu böyük ədəbiyyat naminə edir!» sözünün təsirindən idi, nəydisə Qulam Hüseynlinin ürəyi bulandı:
– Məni rahat burax, Dünya... Vallah halım yoxdu. Necə bilirsiz, elə də eləyin...
...Fərəc həmişəki yerində – nəhəng söykənəcəkli kreslonun bir küncündə, balaca ayaqlarını bir-birinə keçirərək bardaş qurub oturmuşdu, onu gözləyirdi. Qulam içəri girən kimi:
– Telefonunuz işləmir? – deyib narahat-narahat yerində qurcalandı...
...O günü axşamacan, Qulam Hüseynli Fərəclə üzbəüz otura-otura siqaret tüstüsünün dumanı içindən fikirlər dumanına qərq oldular.
Axırdan-axıra:
– ...görünür qoca orqanizm sevinc hissinə tab gətirmir... – Ağsaqqalları deyirəm…Fərəc deyib udqundu.
– Nə isə, hər şey çox qəlizdi... – Qulam Hüseynli gözləri yol çəkə-çəkə dedi. – Bizim başa düşdüyümüzdən daha qəlizdi.
...Axşama yaxın otağın qapısı xəfif-xəfif tıqqıldadı, sonra aralandı...
Ağləpə yenə o günkü sayaq çaşqınlıq içindəydi, içəri girib qapının ağzında büdrədi.
Qulam Hüseynlinin, Ağləpənin bu görkəmindən gözü qaraldı.
– Yenə nə olub?..
– Cavanlara da ev verdilər... elə indicə... Prezidentin öz sərəncamıyla... Deyirlər şer də deyib...
– Kim?..
– Prezident... Səhhət Qurumgöyün son silsiləsindən deyib.
– Bizim Səhhətin şerini?..
– Hə, onunkunu...
Ağləpə bunu deyib elə bil oturmaq istədi, sonra nə fikirləşdisə oturmadı.
Fərəc, gözlərindən qığılcım çıxa-çıxa Qulam Hüseynliyə baxdı. Qulam Hüseynli Fərəcə, sonra da nədənsə qapının ağzında dayanan Ağləpənin ucuiti çəkmələrinə baxdı...
O axşam Fərəc Qulam Hüseynlini evlərinəcən ötürdü. İki dost bir xeyli də aşağıda, binanın girəcəyində, yağış başlarına döyə-döyə dayanıb bir-birinə baxdılar.
Fərəc nimdaş plaşının yaxalığını qaldırmışdı, balaca əlləriylə boğazını tuta-tuta, çənəsi soyuqdan əsə-əsə:
– Mən qorxuram... – dedi.
– Nədən qorxursan?.. – Qulam Hüseynli dedisə də, ağıllı Fərəcin balaca üzünə baxdıqca, dizlərinin tədricən boşaldığını hiss elədi...
Fərəc dinmirdi. Soyuqdan gözləri sulanmışdı. Ya boğazını qəhər tutmuşdu?.. Üzünü yana çevirdi, astaca titrətdi elə bil.
– Qorxursan cavanlardan da ölən olar?.. – Qulam Hüseynli yarıciddi, yarızarafat dedisə də, Fərəc üzünü çevirmədi.
...Qulam Hüseynli evə girəndə televiziya ilə Prezidentin gənc yazarlarla görüşünü verirdilər.
...Prezident yenə getdiyi yerdə ayaq saxlayıb geriyə çönürdü. Yenə sol əli yuxarıda hansısa şairin şerini deyirdi...
...O gecə Qulam Hüseynli yuxuda Prezidenti gördü...
...Prezident əynində ağ xalat, üstünə saysız-hesabsız kolbalar, içi bənövşəyi-qırmızı məhlullar dolu cürbəcür formalı şüşələr yığılmış nəhəng stolun arxasında dayanıb nə iləsə məşğul idi...
...Qulam Hüseynli də həmin bu kimyəvi otaqda idi... Pəncərələrdən birinin qalın məxmər pərdəsi arxasından kimyagər Prezidentin əməliyyatlarını güdürdü...
...Prezident içi məhlullu kolbalardan birini işığa tutub bir müddət diqqətlə, deyəsən məhlula baxdı, sonra yaşıl məhlullu balaca şüşədən kolbadakı qırmızı məhlulun içinə səliqə ilə bir neçə damcı damızdırdı... Kolbanın içindəki məhlul köpüklənib qalxdı, tüstüləndi... Tüstü burula-burula kolbanın ağzından çıxıb otağı bürüdü... Prezidenti də, üstü kolba dolu nəhəng stolu da görünməz oldu, Qulam Hüseynlinin nəfəs yolunu tutub onu boğa-boğa öskürtdü...
Elə bu an hardansa yaxından, tüstünün içindən Prezidentin amiranə səsi eşidildi:
– Məni az güd, Qulam...
* * *
...Prezident teatr binasının gur işıqlı salonuna qabaq qapılardan daxil oldu. Yorğun üzü ilə gülümsəyib onu ayaq üstə alqışlaya-alqışlaya qarşılayan camaata yüngülcə əl elədi, təzə, qara çəkmələrində azca axsaya-axsaya cərgələrin qabağıyla addımladı...
...Prezidentin ardınca, zala daxil olan digər məmurlar, Prezident oturan cərgənin arxasında, ikinci sırada əyləşdilər.
...Qurultay işə başladı...
Kürsüyə çıxanların hər biri, hörmət əlaməti olaraq, əvvəl qurultayda iştirak edən Prezidenti öz qabiliyyəti çərçivəsində salamlayır, o biri görüşlərdə olduğu kimi, yenə ölkənin təbii sərvətlərindən, qaz istehsalından və taxılçılıqdan danışırdılar...
...Qulam Hüseynli ilə Fərəc arxa cərgələrdə dinməz-söyləməz böyür-böyürə oturmuşdular. Qulam geriyə boylanıb oturanlar arasında Dənizi axtardısa da, tapmadı.
– ...O gəlməyəcək... – Fərəc səhnəyə baxa-baxa dedi. – ...deyir iyrənirəm...
Onda Qulam Hüseynli, bir dəfə Dənizin, əlləri qoltuğunda, pəncərədən çölə baxa-baxa:
– ...bizim onlarla fərqimiz ondadır ki, onlar bu dünyanın qara damasında, bizsə ağındayıq... – deməsini xatırladı...
Neçə illərdən bəri, yaradıcılıqlarına və acınacaqlı yaşayış şəraitlərinə laqeyd qalan Birlik rəhbərliyini, iki ay əvvəlcədən hazırladıqları kəskin çıxışlarıyla istefaya göndərəcək acıqlı orta ədəbi nəsil də burda idi, zalın sol cinahında oturub, qanlı-qanlı rəyasət heyətindən qara şüşəli eynəyi ilə kimə baxdığı dəqiq bilinməyən Vəfa müəllimi güdürdülər...
– Hiss eləyirəm... nə isə olacaq... – Fərəc oturduğu yerdə üzünü Qulama çevirmədən astaca dedi.
– Nə olacaq?..
– Bilmirəm... – Fərəc dedi. Sonra üzünü Qulama çevirib bir-birinə yaxın oturan girdə gözləri qorxudan böyüyə-böyüyə: – ...gördün, o, axsayır... – dedi.
– Nolsun?.. – Qulam Hüseynli çiyinlərini atıb özünü topdadı.
– Axı o, axsamırdı?..
Bütün iclası Qulam Hüseynli qabaq cərgədə oturanların başı arasından, yalnız sol çiyninin bir hissəsi görünən Prezidenti müşahidə etməklə məşğul oldu.
Qəribəydi ki, bütün iclası Prezidentin çiyni bircə dəfə də olsun tərpənmədi. Elə bil Prezident pencəyini orda qoyub harasa getmişdi.
...İclasın axırına yaxın isə Prezident aramla ayağa qalxıb yenə yüngülcə axsaya-axsaya kürsüyə çıxdı...
Onda Qulam Hüseynliyə nədənsə elə gəldi ki, Prezidenti yüngülcə axsadan, onun işım-işım işıldayan qapqara, təptəzə çəkmələridi.
Prezident bir müddət kürsüdə dinməz-söyləməz dayana-dayana kədərli üzü ilə yarıqaranlıq zala göz gəzdirib elə bil kimisə axtardı, sonra əzəmətli səsi ilə zalı titrədə-titrədə söz sənətindən, milli ədəbiyyatın son illərdəki nailiyyətlərindən danışmağa başladı. Əsərlərini qanları və canları bahasına yaradan sənətçilərin incə, kövrək təbiətlərindən söz açdı. Sonra bir xeyli də bu məsum insanların, dövlət sarıdan böyük qayğıya ehtiyacları olduğunu və çıxışının sonunda yenə sol əlini yuxarı qaldırıb qəribə bir hüznlə, Birliyin beş yüz əlli altı üzvünün 556-na da mənzil verilməsi barədə sərəncamı elə indicə, qurultaya gələrkən imzaladığını elan etdi.
Prezidentin bu qəfil bəyanatından sonra zala bir anlıq sükut çökdü...
...Prezident bu çaşqın sükutun içiylə, ayağını sıxan təzə ayaqqabılarında yüngülcə axsaya-axsaya yeriyib səhnədən düşdü, əllərini arxasında çarpazlayıb xudahafizləşmədən, heç kimə əl eləmədən, üzündəki hüzn ifadəsi ilə zalı tərk etdi...
...Yalnız bundan sonra birdən-birə iclas salonunun divarları, tavanın ağır çilçıraqları, camaatın uğultusundan elə titrədi ki, Qulam Hüseynli həyəcanından mədəsinin yığıldığını, gözlərinə hardansa diyirlənib dolan göz yaşlarının titrədiyini hiss elədi...
Fərəcsə əl çalmırdı, gözlərinin içindəki qorxu böyüyə-böyüyə, zalın ətürpədən çığırtı və alqış səslərindən az qala uçulacaq çatlaq tavanına baxırdı...
* * *
...Qurultayın səhəri günü dövlət qəzetləri Prezidentin yeni sərəncamını dərc etdi.
Sərəncam, Yazıçılar Birliyinin XXXIX qurultayı ilə əlaqədar, milli ədəbiyyatın inkişafında əvəzsiz xidmətlərinə görə, birliyin bütün üzvlərinin mənzillə təmin edilməsi haqqında idi.
Günortaya yaxın Birlikdən alınan məlumata görə, Birliyin üzvləri üçün Prezidentin şəxsi göstərişi ilə şəhərin ən uca məhəllələrindən birində, yaşayış massivindən bir neçə kilometr aralıda, hündür hasarla əhatəyə alınmış kiçik qəsəbə tipli ərazidə iyirmi mərtəbəli, beş yüz əlli altı mənzilli böyük bina ayrılmışdı.
Prezidentin bu sərəncamından sonra, ədəbi mühitdə qəribə bir sükut yaranmışdı. Son günlərin bu naməlum, sirli hadisələrindən əsəb pozuntusu keçirən Qulam Hüseynli isə hələ köçməyə imkan tapmadığı bu vahiməli binanı tez-tez yuxusunda görməyə başlamışdı...
...Bir ucu az qala buludlara dirənən hündür, keçilməz hasarlarla dövrələnən beş yüz əlli altı mənzilli boz başdaşına oxşayan bu nəhəng binanın sakinləri – kövrək, coşğun sənət əhli burda xüsusi geyimdə – yaşıl-sarı zolaqlı picamalarda gəzir, iki-bir, üç-bir yığışıb bir-birlərinə şer və hekayələrini oxuyur, bu incə əhlə xidmət göstərən qəzet köşklərinin, dəlləkxana və ərzaq dükanlarının işçiləri xüsusi ağ xalatlarda işləyirdilər.
...Bircə Qulam Hüseynliyə picama çatmamışdı deyə, o, mənzilindən çölə çıxa bilmir, hündür, ikilaylı pəncərəyə dırmaşıb ordan həyətə boylanır, var gücüylə çığıra-çığıra aşağıda, yekə ölçülü pijaması əynindən tökülə-tökülə kiminləsə ənzəli oynayan Fərəci çağırırdı...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
суббота, 21 июля 2007 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий