Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


четверг, 15 января 2009 г.

AFİNALI TİMONUN AZƏRBAYCAN ZƏDƏLƏRİ

Üzü qədimdən bəri öz canlılığı, tamaşadan-tamaşaya izaholunmaz, mistik bir diriliklə hər an dəyişmək, təzələnmək, tamaşa salonunun və səhnənin, hətta günün ovqatını belə canına hopdurmaq qüdrətinin daşıyıcısı olan böyük Teatr Sənəti bu gün də İncə Sənətin aparıcı sıralarında qalmağındadır. Canlılığına, insanlarla qarşılıqlı ünsiyyətə girmə qabiliyyətinə qadir olan bu qədim mədəniyyət Zamanın ən müdhiş sınaqlarından, elmi-texniki tərəqqinin insan ruhu üçün dağıdıcı təsirlərindən salamat çıxmaqla yanaşı, öz cazibə qüvvəsini olduğu sahmanda və səviyyəsində qoruyub saxlamağa müvəffəq olmuşdur.
Üzü qədimdən bəri Mövcudluq sirlərinə maraqlı insan kütlələri əbədi həqiqətin, ziya və mərhəmətin axtarışlarında məhz bura - əsrlər boyu öz Həqiqət açılışları ilə insan ruhunu şəfqətləndirən bu mədəniyyət ocağına pənah gətirmiş, öz narahat qəlbəlrini bu ocağın maarifçi şüalarında isitmiş, qəlb zədələrini sağaltmışlar. Belə bir mütərəqqi əhəmiyyətli maarifçi proses Azərbaycanda da getmiş və zaman-zaman dövrün tələbi ilə mənəvi müflisliyə, kasadlığa sürüklənən cəmiyyətin əleyhinə işləyən işıqlı səhnə əsərləri, yenilməz amal və əqidə sahibləri yetişdirmişdir. Unudulmaz Tofiq Kazımov, Mehdi Məmmədov, Adil İsgəndərov, sonradan onların ərsəyə gətirdiyi Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu və bu gün yeni tamaşası haqqında söz açacağım Azər Paşa Nemət milli səhnə mədəniyyətimizin zəngin tarixinə məhz bu baxımdan - insanlığı mənəvi iflasa sürükləyən amillərə öz sənət işığıyla müqavimət göstərmək qüdrəninə görə həkk olunmaq imkanı qazandılar.
Yaxın günlərdə paytaxt səhnələrindən birində görünən, Azər Paşa Nemətin son işlərindən olan «Afinalı Timon»u da bu mənada böyük sənət müqaviməti kimi baxılır, gizilini aşkar edən aktuallığı və cəsarətliliyi ilə həm də Uzaq Danimarka krallığının saray divarları arasında baş verən gizli müdhişliyi özəl teatrının köməyi ilə saray əhli qarşısında nümayiş etdirib xain əmisini ifşa edən gənc şahzadə Hamleti yada salır.
Azər Paşanın yenidən böyük Şekspirə - onun, məhz nəzər-diqqətdən kənarda qalan «Afinalı Timon»una müraciəti tək bir onun daxili qənaətlərini təsdiqləyən, gizli ağrılarına şərik çıxan, sınanmış məsləkdaşı ilə yenidən bir araya gəlmək arzusu deyil. Bu, eyni zamanda, günümüzün acı reallığına - ölkənin əksər zümrələrini bürümüş miskin varolma yaşamına, yenilməz davamlılığı ilə hər növ müqavimətlərə sinə gərmək qüvvəsi olan böyük İnsan Rəzalətinə qarşı Üsyandır. İşıqlı məsamələri hələ ki, məhv olmağa macal tapmamış oyaq insan qəlblərinə hesablanan bu möhtəşəm Üsyan yaxın günlər "Zəfər" teatr studiyasının səhnəsində baş tutdu. Azər Paşanın "Afinalı Timon"u canlı və cazibədar İNSAN qiyafəsində tamaşaçısının mübhəm iç dünyasına yol açaraq, orda gizli, şəfaverici təlatümlər yarada bildi.
Sirli insan xislətini, insan münasibətlərinin sezilməz mürəkkəbliyini və incəliklərini şekspirsayağı açmağa, bu gözlənilməz Həqiqət Açılışlarıyla tamaşaçıda gizli emosional partlayışlar yaratmağa müvəffəq olan tamaşa eyni zamanda, milli teatr yaradıcılarmızın zəngin potensiala malik olduğunu bir daha sübuta yetirdi - neçə illərdən bəri rejissorun müqəddəs tutiya kimi içində gəzdirdiyi "Afinalı Timon" Şekspirin nəzərçəkən əsərlərindən olmasa da, mahir rejissor quruluşunda öz gizli "Şekspir dahiyanəliyi" - ni biruzə verdi.
İlk növbədə, az qala şahmatsayağı gedişlər üzrə qurulmuş kütləvi səhnələrin daxili səliqəsi heyranlıq doğurdu. Əsərin baş qəhrəmanı Timonun evində açılan ziyafət səhnələrindəki zahiri pərakəndəliyin, bir qədər sonra - riyazi dəqiqlik və zərgər incəliyi ilə hazırlanmış spesifik "məclis relyefi" olduğu, hər aktyor üçün səhnədə seçilən yerin ünvanlı olduğu, bu ilk baxışda təbii və təsadüfi "yerdəyişmələrin", əsərin mahiyyətinə və yığcam dinamikasına işləyən və tamaşa boyu zəncirvari ardıcıllıqla növbələnən hadisə və epizodların açılmasına xidmət edən məxsusi rejissor həlli olduğu üzə çıxdı.
Teatrla bağlı xatirələrimizdə hansısa dialoqu, ya hadisəni müşayiət etməyə köklənən, "səhnədə baş verən"ə, bir növ köməkçi vasitə kimi fon rolu oynamağa xidmət edən bu sayaq səhnələr fərdi aktuallığı, daxili məzmuna malik dəqiq dinamikası, tarazlığı və aydınlığı ilə fərqləndi. Eynilə beləcə, bütöv aktyor ansamblının birgə iştirak etdiyi bu sayaq kütləvi səhnələrdə aktyorların hər birinin, bir-birini kölgədə qoymadan, ön planda görünməsi və ayrı - ayrılıqda dinlənilməsi heyranlıq doğurdu.
Tamaşa ayrı-ayrı mizanları, bədii materialdan qaynaqlanan açılışları və dönüşləri şərtləndirən xüsusi işıq effektləri və usta rejissor gedişləri ilə sözsüz və izahsız həllini almaqla, tamaşaçını ovsun və sirr dolu əfsanəvi Zaman kəsiyinə salmaqla yanaşı, mənəvi çürüklük qoxuyan insan xislətini bütün miskinliyi və rəzilliyi ilə ön planda saxlamağı, tamaşaçıya real həyatdan tanış və doğma olan ağrıları yaşatmağı da bacardı və bu baxımdan, günümüzün əlamətdar teatr hadisəsi olmaqla yanaşı, cəmiyyəti daxildən çürütməyə köklənmiş total mənəvi iflasın ifşasına yönələn, insanın ruhi dəyərlərinin qorunmasına xidmət edən aktual əhəmiyyətli Sənət Aktı dəyərini qazandı.
"Afinalı Timon" - un daha bir şəksiz qələbəsi - Şekspir dahiliyini öz aktyorluq dahiliyi ilə ifadə etməyə nail olan - baş qəhrəman Timon rolunun ifaçısı - Fuad Poladovdur.
Səhnə və ekran əsərlərində yaratdığı unudulmaz rollarıyla xalqın sevimlisinə çevrilmiş aktyor, ilkin səhnələrdən özünü mərhəmətli və səxavətli, incəqəlbli və nəcib insan kimi tanıtsa da, hadisələrin gedişatıyla soyuqqanlı, qəddar insana çevrilən Timonuyla bu dəfə öz sənət qüdrətinin fövqündə - tamamilə yeni qiyafədə görünür və sənət imkanlarının hüdudsuzluğunu bir daha sübuta yetirir. Sənət ampluasının artıq müəyyənləşdiyi zənn edilən, lakin sən demə, qədirbilən tamaşaçısına məlum olmayan tutumlu sənət potensialını hələ də ehtiyatda saxlayan Fuad Poladovun tamaşa boyu nümayiş etdirdiyi yüksək sənətkarlıq - tamaşaçıların inamını və sevgisini qazanan təbiiliyi, daxili iztirablarını tamaşa salonuna gizli partlayışlarla ötürmək məharəti sənətkarın sənət və şəxsiyyət kamilliyinin uğurlu vəhdətindən xəbər verir. Hadisələr bir-birini əvəzlədikcə, mərhəmətli və səxavətli, kefçil və həyatsevər Timonun sidq ürəkdən inandığı, dost bilib arxalandığı ən yaxın adamları tərəfindən yaralandığını seyr etdikcə, tənhalıq faciəsinin - cəmiyyətdən üz çevirib meşəliyə çəkilən Timonun müdrik, ədalətli və soyuqqanlı sərgərdan-filosofa çevrilməsini, dünyadan və insanlardan əbədilik üz çevirib tənhalığa aparan yolda yaşanan daxili sarsıntılarının Azərbaycan səhnəsinə xas olan ənənəvi pafossuz, "gözyaşardan" monoloqlarsız, Fuadsayağı incəliklər və ağrılarla, az qala pıçıltıyla ifadəsi səhnə ilə tamaşa zalı səddini aradan götürür və tamaşaçını hadisələrin iştirakçısına, Timonun ən yaxın və məhrəm adamına çevirir. Əsərin ilk səhnələrində "sadiq dostlarının" arasında qayğısız, şaqraq gülüşlərlə nəşələnən, olan var-yoxunu "etibarlı yaxınları" arasında "ədalətlə" bölüşdürən, sonradan isə bu insan cildli yırtıcıların əhatəsində yaralı heyvan tək, təklənən Timon bu minvalla özünü - özünəməxsusluğu və bitkinliyi ilə, teatr tariximizin Şeyx Nəsrullah, Kefli İsgəndər, Hacı Qara kimi, yaddaqalan ədəbi qəhrəmanlarla zəngin Qızıl Obrazlar Qalereyasına daxil edir.
Tamaşanın həqiqi sənət qələbələrindən digəri - ümumilikdə teatr həyatımız üçün sənətəhəmiyyətli töhfə olan aktyor seçimidir. Uzun illər müxtəlif teatrlarımızın səhnələrində şəffaf rollar arxasında öz solğun aktyor taleyini yaşayan, malik olduğu sənət potensialını büruzə verməsinə heç cür münbit bir meydan tapılmayan neçə-neçə istedadlı aktyorun tamaşada lazımi nöqtələrə qoyulması, bu istedadlar toplusundan sərraf rejissor püxtəliyi ilə istənilənin alınması da tamaşanın özəl uğurları sırasındadır. Dahi Şekspirin qədim, uzaq ingilis cəmiyyətindən tapıb seçdiyi personajların bu gün həmin şekspirsayağı sərrastlıqla burda Azərbaycanda tapılması gözümüz qarşısında orta əsrlərin ingilis cəmiyyətini sərgiləməklə yanaşı, o dövrün mənəvi - sosial həyatını bütün reallığı və canlılığıyla çatdırmağa müvəffəq olur. Bir vaxtlar böyük dramaturqun qəlbini uzaq, çiskinli İngiltərədə zədələmiş xainlik, riyakarlıq, tamahkarlığın acısı bu gün həmin zədələri bizlərə burda yaşadır. Tipik ingilis obrazları olan Quldur-Senator Lutsiy rolunun ifaçısı Vidadi Həsənovun, digər Quldur-Senatorun ifaçısı Ayşad Məmmədovun, Şair-Senatorun ifaçısı İlqar Cahangirovun, Rəssam-Senatorun ifaçısı Pərviz Məmmədrzayevin, Tacir-Senator rolunun ifaçısı Məhərrəm Musayevin, Senator-Filot rolunun ifaçısı Vidadi Əliyevin, eləcə dədigər senator rollarının ifaçıları - İlqar Salamovun, Elxan Qurbanovun, Oqtay Mehdiyevin, Alkiviad rolunun ifaçısı Məmməd Səfanın, Flaviy rolunun ifaçısı Qurban İsmayılovun və digərlərinin müstəsna aktyorluq məharəti - yaratdıqları tipajların zahiri və fərdi insan özəllikləri, orta əsr qədimliyini və tipik ingilisliyini duyma qabiliyyəti, tamaşada cərəyan edən hadisələrin reallığına sənədli həqiqilik gətirir və tamaşanın sirayət gücünü artırmağa xidmət edir.
Tamaşanın yüksək ustalıqla işlənmiş səhnə tərtibatının da özəl üstünlükləri qeyd olunmağa ehtiyaclıdır. Mizan və vaqeələrin baş tutduğu məkanların ilk baxışda sadəliyi, səhnə boşluğunun usta işıq işləmələri ilə məna çalarları kəsb etməsi, hadisələrin və vəziyyətlərin ruhuna işləməsi, dekor şərtiliyinin kamilliyi və digər bu kimi tapıntıları istedadlı bədii tərtibatçı, xalq rəsamı Nazim Bəykişiyevinin müstəsna uğuru hesab etmək olar. Səhnənin zahirən çox sadə, eyni zamanda mistik dinamika ilə dəyişən mənzərələri - hadisələrin və şəkillərin növbələnməsi ilə gah möhtəşəm iqamətgah tavanını, gah senatorların evini, gah da qaranlıq meşə göyünü əvəz edən qaramtıl pərdənin ləngərli improvizələri səhnədə baş verənlərin alt qatında gedən daha fövqəladə proseslərdən - daim gizli Hökmlə dəyişib təzələnməkdə olan sirli Zaman mövcudluğundan xəbər verir və yada, bənzərsiz şərtilik dahilərinin - Moris Meterlinqin, Meyerxoldun yarıqaranlıq, mistik dünyalarını salır.
"Afinalı Timon"un uğurlu musiqi tərtibi barədə də eyni fikirləri söyləmək yerinə düşər. Əsərləri ilə İnsan tənhalığının, Onun daxili iztirablarının sözsüz mənzərələrini yaradan, ağrılarını coğrafi ərazisi olmayan Ümumbəşəri Ağrıyla ifadə etməyə nail olan görkəmli bəstəkar Səyavuş Kəriminin tamaşaya bəstələdiyi düşündürücü musiqinin də içi məğlubiyyət ağrıları və kədərlə doludur, hadisələr cərəyan etdikcə, tamaşaçı ilə səhnə arasında yalın şüuraltı duyğular körpüsünü yaratmağa nail olur.
Son vaxtlar əlamətdar tamaşaları ilə ölkə mədəniyyətində özəl iqlim yaratmağa nail olmuş "Zəfər" teatr studiyasının ərsəyə gətirdiyi bu növbəti uğurlu tamaşanın daha bir uğuru, bəlkə də ən böyük qələbəsi - son illər sosiallıq və madiyyat uçurumlarında çabalayan və sabalamanın özündən qəribə, anlaqsız bir zövq duyaraq, səhnələrimizə arxa çevirən mütərəqqi tamaşaçının geri qaytarılması, keçmiş vaxtların Böyük Teatr Pərəstişini bərpa edə bilməsidi. Bu, nə vaxtsa baş verməliydi. Axı tamaşaçı heç vaxt yanılmır?!.. Xoşbəxtlikdən, o, həyatda yanılsa da, sənətdə saxtanı Əsildən ayırmağı bacarır.






Комментариев нет:

Отправить комментарий