Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


вторник, 5 февраля 2008 г.



UYDURMA


Almanı dişləyəndə protezi şıqqıldadı… Elə bil dişinin altında fındıq qabığı sındı. Toğrul çönüb xoflu gözlərlə onun ağzına, sonra gözünün içinə baxdı. Yəni ki, «o nə idi elə?..»
Protez salandan bəri Toğrul ona bir az ayrı cür baxmağa başlamışdı. Diş həkiminin özünü tərifləyə-tərifləyə düzəltdiyi bu protez özünü doğrultmurdu, hər dişləmdə yerindən oynayıb şaqqıldayırdı, rezini boşalmış maşın təkəri kimi yerindən oynayırdı. Hərdən ümumiyyətlə, yerindən çıxıb ağzının içində köntöy-köntöy fırlanırdı, az qalırdı sıçrayıb ağzından yerə düşə. Biabırçılıq bir yana, qorxulusu Toğrulun başına hava gələ bilməsi idi. Çünki düz üç il idi ki, Toğrulun, dəqiqədə bir laxlayıb ağzının içində qəribə şaqqıltılar yaradan bu protezdən xəbəri yox idi.
Fikirləşdi ki, Toğrulun başına hava gəlməsin deyə, protez salan gün gərək hər şeyi olduğu kimi açıb ona deyəydi. Deyəydi ki, yuxarı damağının hər iki tərəfindən düşən bircə dənə dişə görə, o biri saf dişlərinin yonulmasına razı olmadığından, daha doğrusu, əti ürpəşdiyindən, belə bir əndirəbadi protez düzəltdirməli oldu. Hər ucundan bircə ədəd xırda diş, üst damağının altından kəmər kimi atılan bu protezi ağzında aylarla, illərlə gəzdirməyin, hamıdan, ələlxüsus da Toğruldan gizləməyin, iki dişə görə dörd sağlam dişi yondurmaqdan qat-qat çətin olduğunu isə protez ağzına salınanın səhəri günü anamışdı.
Ötən həftə qayınatasıgilin həyətində cavan bir gəlini eynilə belə bir protez öldürmüşdü. Deyilənə görə protez ərindən utandığına görə ağzından çıxarmadığı üçün gecələrin birində yerindən oynayıb qadının nəfəs yoluna keçmişdi, gəlin yuxuda ikən onu boğud öldürmüşdü.
Fikirləşdi ki, əgər protezdən ölən yaşlı bir qadın, ya kişi olsaydı, bəlkə də bu hadisə onu bir o qədər də narahat eləməzdi. Amma ölən - onun kimi cavan bir gəlin idi. Onun da, onun kimi uşaqlarf, əri var idi. Üstəlik, əri Toğrulla bir idarədə işləyirdi. Bu, elə bil nə isə, Allah tərəfindən ona verilən xəbərdarlıq kimi bir şey idi, görünür.
Həmin o faciədən sonra gecələr işığı keçirəndən sonra ağzındakı protezi Toğrul hiss eləməsin deyə, gizlincə çıxarıb balışının, döşəyinin altına soxurdu, səhərə qədər də çabalaya-çabalaya qalırdı ki, birdən səhər protezi yerinə taxmaq yadından çıxar, ya protez Toğlrulun əlinə keçər, ya da gülüb-eləyəndə, boş dişlərinin yerləri görünər və üç ildən bəri ağzının içində qəfildən «sınan» naməlum «fındıq qabığının» sirri axır ki, açılar.
Fikirləşdi ki, «fındıq qabığının» sirrinin açılmağıyla, Toğrulun, üzünü turşutmağı bir olacaqdı. Olsun ki, Toğrul ümumiyyətlə, ondan inciyəcəkdi. Üç il idi min bir müsibətlə bu iyrənmə prosesinin qarşısını saxlamışdı. İndi gərək ömrünün axırınacan - damağı sökülüb açılsa belə, protezi ağzından çıxarmayaydı.
Fikirləşdi ki, olsun ki, hər ucuna bircə diş saxlayan bu çəhrayı, sintetik protez o öləndə də, əti əriyib torpağa qarışanda da çürüməyəcəkdi. Uzun illərdən sonra, qəbri hansısa təsadüf üzündən qazılıb açılanda, qupquru torpağın üstündə, əti, dərisi əriyib yoxa çıxmış kəlləsinin içində görünəcəkdi və onda hamıya hər şey məlum olacaqdı. «İsgəndərin buynuzu» nağlındakı kimi.
Fikirləşdi ki, bəlkə də Toğrul heç iyrənməyəcəkdi?!.. Niyə də iyrənməliydi axı? Protezdə iyrənməli nə vardı axı?.. Toğrul sadəcə, onun qocalmağından duyuq düşəcəkdi. Otuz beş yaş qadın üçün çox da üzağardan yaş həddi deyildi axı?! Bir də, olsun ki, həmin o protezdən sonra Toğrul onun hər tərəfinə - saçlarına da, gözlərinə də, döşlərinə də şübhəylə baxacaqdı.
İkinci dişdəmi dişlərini çox sıxmadan, ehtiyatla götürdü, almanı ehmal-ehmal çeynəyə-çeynəyə:
- Hələ çox qalıb?.. - dedi.
- Bu kənddən sonrakıdı. - Toğrul deyib əsnəyə-əsnəyə güzgüdən arxaya baxdı.
Bakıdan çıxandan bu sualı azı əlli dəfə vermişdi Toğrula.
- İndi mən orda harda oturacağam, evdə?..
- Evdə niyə, hamı kimi, mağarda.
- Bəs demirsən, mağarda kişilər oturur?
- O mağar ayrı. Bir mağar da oynamaq üçün qurulur, orda oturarsan. Odu bax, kəndimiz…
İçini çəkib yola baxdı. Kəndin ağacları uzaqdan-uzağa bomboz bozarırdı.
Yol palçıq, hava tutqun idi. Az-maz yağış çiləyirdi. İyirmi dörd saat bu boyda palçığın içində neyləyəcəkdi, ilahi?! İyirmi dörd saat!..
Toğrula nə var? Gedib qohum-əqrəbasıyla bir yanda oturacaq, yeyib-içəcək, danışıb-güləcək, hələ bəlkə maşina minib o biri qohum-əqrəbasına da baş çəkməkdən ötrü qonşu kəndlərə qonaq da gedəcək. Toğrulun bu dünyada, saysız-hesabsız qohum-əqrəbasından savayı nəyi vardı ki?!..
Bunu deyəndə Toğrul həmişə pərt-pərt gülürdü.
Toğrulun sükanı hərlədən yoğun biləklərinə baxa-baxa fikirləşirdi ki, indi sevindiyindən uçmaq istəyir. Qohumlarını da gördü, ağzı yumulmaq bilməyəcək, dişləri Bakıya gələnəcən ağara qalacaq. Qohum-əqraba da ki, nə qohum-əqraba. Biri-birindən gözəl. Birinin üzünə sızanaq çıxan kimi, o birilər səs-səsə verib, qarğa-quzğun kimi tökülüşüb gəlirlər, analı-bacılı, oğullu-uşaqlı, gəlinli-nəvəli. Hərəsinin də öz xalauşaqları, bibiuşaqları, dayınəvələri, əmigəlinləri… Hamısı da bir-birinə oxşayır. Xırdagöz, yekəburun, gödəkqıç. İndi Toğrulu görən kimi:«Boy-boy, gör bir kim gəlib?!..» - deyə-deyə üstünə cumacaqlar, ayağını darvazadan içəri qoymağa mafar vermədən, qapıb aparacaqlar. Bir vay-həşir salacaqlar, elə bil illərlə üzünə həsrət qalıblar. Nə həzz alırdılar bir-birinin başına dırmaşmaqdan?!
Onunsa işi Allaha qalıb. Kəndə çatan kimi, onu da qamarlayıb «boy-boy» - deyə-deyə aparacaqlar, qucağıuşaqlı kənd gəlinlərinin arasına basıb hər yanağına bir qatar öpüş salacaqlar. Gəlinlər də yağ iyi verə-verə, hərəsi bir yanından asılıb, dişlərini ağarda-ağarda: «Boy, az, bu Toğrulunkudu ey…» - deyə-deyə dodaqlarını işə salacaqlar. On öpüş bu yanağından, iyirmisi o biri yanağından. Öpüş də nə öpüş. Pulemyot atəşi. Və iyirmi dörd saat döşləri qucaqlarındakı uşaqların ağzızlarında, hərə bir yandan ona zillənəcək. İndi döz görüm, necə dözürsən.
İndi gül kimi evdə oturub televizora baxırdı. - əsəbilikdən ürəyi sıxıla-sıxıla fikirləşdi. Tərslikdən də axşam «San-Remo»da keçirilən son festivalın yekunlarını yayımlayacaqlar. O isə burda – bu döşüuşaqlı kənd gəlinlərinin həbsində qalacaq. Sonra həmin bu döşüuşaqlı gəlinləri İtaliyada - «San-Remo» festivalında – minlərlə estrada həvəskarının toplaşdığı ucsuz-bucaqsız stadionda təsəvvürünə gətirldi. Elə də pis görünmürdü.
Sonra da fikirləşdi ki, onun yerinə kim olsa, sevinər ki, müvəqqəti də olsa, səs-küylü, havasız şəhərdən, darıxdırıcı, dördkünc evdən qırılıb təzə biçilmiş ot və ocaq iyi verən bu yamyaşıl, sakit kəndə gəlmək, burda bir gecəliyə də olsa qalmaq imkanı var. Əslinə qalsa, gərək indi buraların hər bir şeyi - ağacı da, otu da, inəyi də onun ürəyini açsın, ruhunu təzəldəsin, onu, əvvəllərdə olduğu kimi, tamamilə ayrı bir ovqata salsın. Bu isə baş vermirdi.
Fikirləşdi ki, ümumiyyətlə, çoxdannan bəridi ki, içində nəyinsə tərpəndiyini, ya dəyişdiyini hiss eləmir. Elə bil içinə sement doldurub suyla bərkidiblər. Yoxsa, qocalıb?.. İçi qırış atıb quruyub?!..
…Maşın kəndə yaxınlaşdıqca, toy qurulan mağarın səsi yavaş-yavaş eşidilməyə başlayırdı. Müğənni səsini əsdirə-əsdirə oxuyurdu:
Gələrsən qadan allam
Gedərsən yola sallam…
Toğrul arxaya qanrılıb vacib əhəmiyyətli nəyisə həll etmiş kimi, qəribə bir qürurla:
- Çatdıq. - dedi.
Maşının bir neçə inəyin aramla yeridiyi palsıqlı yolu burulub Toğrulun ata evinin darvazanın qarşısında dayandı. Maşının dayanmağıyla dörd bir yanının adamla dolmağı bir oldu.
- Xoş gəlibsiz, həmişə siz gələsiz!..
Marça-murç mərasimi başlandı. Toğrulu həmin dəqiqə sürüyüb ha yanasa apardılar. Toğrulun üzünün köməksizlik və sevinc qarışıq ifadəsindən, uzaqlaşdıqca, uzun müddətə ayrılırmış kimi, gedə-gedə əl eləməyindən belə başa düşdü ki, bir də inşaallah sabah - Bakıya qayıdanda görüşəcəklər.
Toğrulun başdan-ayağa güllü pal-paltara, yaylıqlara bürünmüş qırmızıyanaq dayıdostusu isə onu bağrına basıb var gücüylə sıxcaladıqdan sonra qaranəfəs halda evə tərəf qışqırdı.
- Az-az, tez olun, süfrə rahlayın!..
Dayıdostunun cəngindən qurtulmaqdan ötrü:
- Sağ olun, ac deyiləm. - dedisə də, arvad əl çəkmədi.
- Heylə şeymi olur? Yol gəlibsiz. – dedi və qolundan yapışıb evə sarı apardı.
- Vallah utanmııram, aclığım yoxdu hələ.
- Çay…
- Çay da istəmirəm, sağ olun.
Mağarda çalınan misiqinin səsindən qulaq tutulurdu. Müğənni havanı dəyişib indi daha ritmik mahnı oxuyurdu, sözlərini başa düşmək olmurdu.
Mağara sarı boylandı.
- Mən elə burda oturaram. - dedi.
Arvad kəlağayının altından bic-bic gülüb:
- Neynək?!.. – dedi, onu mağara salıb musiqinin içindən yuxarı başda oturan kimlərəsə:
- Ay uşaq, gəlinə yer eliyin!.. – dedi.
Mağar hələ tamam-kamal dolmamışdı. Sağ tərəfdə cavan gəlin-qız, solda bir qədər yaşlı qadınlar oturmuşdu, ortada ayaqlarını dümbək çubuqları tək, çevik-çevik tərpədə-tərpədə, tər-qan içində rəqs edənlər də vardı. Onu görüb rəqsi saxladılar, musiqi də kəsildi. Qız-gəlinin arasından bir neçəsi ayağa qalxıb onun qabağına gəldi, bir seriya da burdakı öpüşlərdən sonra onu gətirib lap yuxarı başda oturtdular, paltosunu da ədəb-ərkanla çiyninə saldılar və mağara gərgin bir sakitlik çökdü. Şəhərdən gətirilmiş musiqiçilərin, müğənnin, mağardakıların da döyüküb pərt-pərt ona zillənməsindən duruxub qaldısa da, özünü o yerə qoymadı, ayağını ayağının üstə aşırıb fikirləşdi ki, yazıqlar neyləsinlər, qoy baxsınlar, gözləri dincəlsin.
Üzbəüzdə oturan bərbəzəkli kənd qızlarıı, olsun ki, bunlar kəndin gözəlləriydi, nəfəs dərmədən ona baxırdılar. Mağarın yuxarı başında oturmuş masabəyi də vaxtı fotə vermədi, mağar özünə gələnəcən, qabağındakı şirniyyatdan ağzına atıb çeynəy-çeynəyə ona zillənmişdi.
Üzbəüzdən ona zillənən kənd gözəllərinin üzləri tarlada, tövlədə işləməkdən, yanıb qaralmışdı. Ümumiyyətlə, burda oturanların hamısı elə bil bir taya paltarın içində yuyulub çəngəllənmişdilər, zivəyə pis sərildiklərindən, əyilib yöndəmsiz günə düşmüşdülər. Birinin qıçı əyridi, bu birinin qolları, birinin ayaqları bədəninə görə qısaydı, o birinin kürəyi...
Çox keçmədi ki, mağara, Toğrulun bibisi daxil oldu, o da «buy-buy!..» - deyib şellənə-şellənə onun üstünə yeridi, uzun marça-murçdan sonra, musiqiçilərə işarə verib qabağında yastı-yastı süzməyə başladı.
Oynamaq həvəsi yox idi... Üstəlik də burda – bir yığın əyri-üyrü kənd arvadlarının arasında. Amma belə məclislərdə, xüsusən, qarşında səndən yaşlı adam süzməyə başlayanda müqavimət göstərməyin mümkünsüz bir iş olduğunu, hələ bir neçə il bundan əvvəl - Toğrulla həmin bu kənddə qurulan toy mağarında oturanda bilmişdi. Odu ki, paltosunu çiynindən stulun söykənəcəyinə sürüşdürüb ayağa qalxdı. Əyninə kip yapışan qara paltarda ortaya çıxıb qollarını qaldıranda isə bütün mağarın onun görkəmindən, yoxsa, mağarın bir o qədər də hündür olmayan tavanına güclə sığışan qamətindən təhqir olunduğunu, hamının yumağa dönüb döyükmüş gözlərlə ona zilləndiyini hiss etdikcə, bədəninin anlaşılmaz bir çəkisizliklə yüngülləşməyinə, musiqinin vücudunu sarıb ayaqlarını az qala yerdən ayırmağına mat qaldı… və rəqs edə-edə, mağarın aşağı başındakı uzun skamyada əriştə kimi bir-birinə sarmaşıb oturan kənd gözəllərinin ona tamaşa etdikcə, özlərinə – günün və cod küləyin altında qaralıb qartıyan dərilərinə, gödək və kobud ayaqlarına nifrət eləməyə başladığını necəsə, dərisinin hansı toxumasıylasa duydu... onun ağlığı ilə öz qaralıqlarını, ayaqarıyla ayaqlarını, üz cizgilərini tutuşdurub özləri barədə acı və kədərli qənaətlərə gəldiyini hiss etdi… Yoxsa, bu, ona elə gəlirdi?!..
Bəlkə mağarın təhqir olunmağını da, camaatın yumağa dönməyini də o özündən uydururdu?.. Dərisinin ağlığına və şümallığına, biçimli ayaqlarına, bədəninə kim yapışan paltarının gözəlliyinə özündən savayı valeh olan yox idi?..
Rəqs edə-edə, gözaltı ətrafına boylandı.
Hamı yarımaçıq ağızlarla, heyrət və maraqdan bərələ qalan gözlərlə ona zillənmişdi... o oynadıqca, mağar göz qırpımında adamla dolurdu, ayaq üstə dayanıb ona əl çalınların dairəsi getdikcə daralırdı...
Mağarın sağ girişində, hamıdan arxada, əlləri cibində dayanıb əl çalmadan ona baxan alagöz oğlanın isə halı lap dəyişmişdi, elə bil gözləri yaşarmışdı.
Hə, özüdü ki, var. Onun gözəlliyinə baxıb ağlayanlar da var… - gözü yaşlı oğlana sarı baxmasa da, gözünün yanıyla onun yanaqlarından süzülən yaşı da necəsə gördü. Ağlamalıydılar da. – rəqsini bu yerdə yarımçıq kəsib yerinə qayıda-qayıda fikirləşdi. - Bir də onu nə vaxt görəcəkdilər ki? Bu toy da, bu mağar da, onun bu qara paltarı da - ömrü, kəndin bu palçıqlı bozluğu içində keçən o oğlanın yaddaşına əbədi həkk olunacaqdı, qocalıb beli büküləndə, ölüm yatağında can verəndə də gözünün qabağından getməyəcəkdi və onda da o eynilə beləcə, bir kəsə bir söz demədən, səssiz-səmirsiz ağlayacaqdı… onun gözəlliyinə, mağarın qaranlığını yaran gözqamaşdıran ağlığına ağlayacaqdı…
Yerinə əyləşib paltosunu çiyninə sala-sala fikirləşdi ki, bəlkə heç ağlayan-filan yox idi, gözünə dəyən oğlanın gözüdığından, küləyin soyuğundan yaşarırdı?.. Onun da gözləri həmişə soyuq küləkdən yaşarır.
…Gözünün ucuyla oğlana sarı baxdı və gördüyündən ürəyi düşdü...
Oğlan həqiqətən ağlayırdı… ona baxır və ağlayırdı... Gözündən sızıb yanağına ilişiən iri yaş damlası mağarın işığından, ya nədənsə, uzaqdan-uzağa brilliant kimi bərq vururdu…
Üzünü çevirib ortada oynayanlara baxdı. Müğənni də - orta yaşlı balacaboy kişi də hələ də ona baxa-baxa «Cəmilə» mahnısını oxuyurdu. Görən hardan bilmişdi, adı Cəmilədi?.. Bayaq o, ayağa qalxandan, başını, qaş-gözünü əsdirə-əsdirə «Cəmilə»ni oxuyurdu.
Bir azdan mağar adamla dolub isindi. Deyəsən, ona baxmaqdan da doydular, ya da bəlkə gözləri onun ağlığına alışdı?!.. Kənd arvadları, cavan gəlinlər rəqsə girməkdən ötrü növbə tutur, müğənniyə pul ötürüb öz havalarını çaldırır, sonra cüt-cüt üzbəüz dayanıb qızara-qızara, utana-utana rəqs edirdilər.
Sonra nə oldusa, məclis lap qızışdı, müğənni oxuya-oxuya, özü də ortaya atılıb rus dənizçiləri kimi oturub qalxa-qalxa oynadı, sonra camaatın üstünə hücum çəkib hamını oynatmağa başladı. Oynayanlar çoxaldı, oturanların sayı artdı... Arada Toğrulu da hardansa, dartıb ortaya gətirdilər, onu da oynadab rəqsinə tamaşa elədilər...
…Mağarın açıq tərəfindən soyuq hava axdı üstünə… Paltosunun yaxalığını qaldırıb küləyin ha yandan axdığını dəqiqləşdirməkdən ötrü girişə baxdı və ürəyi yenə qırıldı…
Bayaqkı oğan idi… gəlib burda - onunla üzbəüzdə dayanan adamların arasından əlləri cibində dayanıb ona baxırdı… amma deyəsən daha ağlamırdı.
Olsun ki, o heç bayaq da ağlamırdı, bu, onun həmişəki işlək təxəyyülünün nəticəsi idi. - fikirləşib üzünü yana çevirdisə də, gözlərinin yenə oğlanı axtardığını hiss edib duruxdu...
Oğlan şiv qamətli, ucaboy bir adam idi. Kənd camaatına qətiyyən oxşamırdı. Açıq bozumtul gözləri onun hər hərəkətindən çaşıb qəribə bir parıltıyla, yoxsa göz yaşıyla dolub boşalırdı…
Fikirləşdi ki, onun belə bir oğlanın xoşuna gələməsində təəccüblü bir şey yoxdu. Bu oğlan ona aşiq olsaydı belə, bu da çox təbii bir şey olardı. Nolsun ki, otuz beş yaşı vardı?.. Otuz beş yaş - qadının çiçəklənmə və müdriklik dövrüdü. Bunu hardasa oxumuşdu. Hansısa fransız yazıçısının kitabında. Mopassan idi, ya Balzak idi, dəqiq yadına sala bilmədi. Yoxsa «Zdorovye» jurnalının axırıncı nömərsində oxumuşdu bunu?!..
Təəccüblüsü, onun ona baxıb ağlamağı, içini saran hansısa hissdən yanıb-yaxılmağı idi. Fikirləşdi ki, bu dəqiqə iyirmi yaşı olsaydı və ərdə olmasaydı, onda bu oğlan yəqin ki, onun ardınca Bakıya gələcəkdi, onu, harda olsa, axtarıb tapacaqdı…
Sonra bu mənzərəni gözünün qabağına da gətirdi… Gör bir necə yaraşardılar bir-birinə. Sonra rəqs edənlərə baxa-baxa fikirləşdi ki, niyə insanın həyatı, cavanlığı belə qısadı?.. Niyə bu qədər sərhədlər, bu qədər çərçivələr, səddlər mövcuddur?
Sonra Toğrula ərə getməyi yadına düşdü. Necə olmuşdu ki, zahiri görünüşü, ədaları və danışığı ürəyinə yatmayan bir adama ərə getmişdi? Toğrulun atasının dövlətinə, ad-sanına görə?.. Ya bəlkə ona görə ki, o illər rəfiqələrinin əksəriyyəti, çörək növbəsinə dayanan kimi, bir-birinin ardınca tez-tez ərə gedirdilər?..
Yox, bunların heç biri deyildi. - fikirləşib ayaqqabısının burnuna yapışan palçığa baxdı. İndiki kimi yadına gəlir, necə onun O dünya və ruhlar haqqında əlaqəsiz fikirlərinə qulaq asan psixiator bacısı bir gün yaxınlaşmaqda olan hansısa təhlükəni hiss edən tələbkar mülləm təbiriylə anasına:
- Bu qız ərə getməlidi. Özü də mümkün qədər təcili. - demişdi. Onda, yadına gəlir, anası xof dolu gözlərlə ona elə baxmışdı, elə bil o, qaranlıq, dərin uçurumun kənarnda idi və bircə səs, ya söz kifayət idi ki, ordan sonu, dibi görünməyən o dərinliyinə yuvarlançın. Ən qəribəsi isə o idi ki, - fikirləşdi - bacısının bu hüznlü bəyənatından sonra o, özü də özünü həmin o dərin uçurumun kənarında hiss eləməyə başlamışdı… Beyninə yeritmişdi ki, əgər tezliklə ərə getməsə, nə isə böyük bir bədbəxtliyə düçar olacaq, tək tənha qalacaq, müəyyən yaş həddində havalanacaq, küçələrə düşüb dəli mahnılar oxuya-oxuya gəzəcək… bunu dəfələrlə təsəvvürünə də gətirirdi. Necə o cır-cındır geyimdə küçələri dolaşır, necə rəfiqələrinin uşaqları onun ovcuna xırda pullar basıb ağlaya-ağlaya analarının qucağına qaçır, necə rəfiqələri də uşaqlarına qoşulub bədbəxt rəfiqələrinin ardınca baxa-baxa ağlayır və sair və ilaxır.
Hə, yadına gəlir, o günlər - rəssamlıq, dahi Van Qoq, «İsa peyğəmbərin çarmıxa çəkilməsi», iyi canına, yaddaşına hopmuş rənglər… canında gəzdirdiyi gizli təlatümləri, titrətmə və sıxıntıları ara-sıra kağıza köçürə bilən fırçaları yadından çıxmışdı… Qollarını taqətdən salan, ürəyini darıxdıran bircə məsələ qalırdı: ərə getmək! Kimə olur-olsun. Təki uçurumun sürüşkən kənarından tezcə uzaqlaşıb qurtulmaq. Yoxsa, gec olacaqdı… yoxsa, məhv olub qaranlıqlara qərq ediləcəkdi...
…Oynayanlara baxa-baxa fikirləşdi ki, bu nə dəlilkdi eləmişdi?.. Bacısının ötəri narahatçılığını hansı ağılla həyat kredosuna çevirmişdi?!.. Olsun ki, bacısını uzaqgörən ağlına, müdirikliynə bələd idi, ona görə. Yoxsa, özü də öz iblis intuisiyasıyla aylar, illər ötdükcə, ona sarı irəliliyəck tənhalıq və üzüntülər dolu yarıqaranlıq həyatının hənirindən hürküb təşfişə düşmüşdü?.. Gündəlik həyatından kənarda daldalanan, tez-tez ordan da harasa, daha naməlum ərazilərə qəfil sıçrayışlar edən baş-ayaq ruhunu nizamlayıb müəyyən çərçivələrə salmaqdan ötrü mütləq sistemi, cod qaydaları olan ailə həyatına ehtiyaclı olduğunu hiss eləmişdi?. O həyata ki, əlində fırça, anlaşılmaz çəkisizlikdə «İsa peyğəmbərin hüzuru» tablosunun içində peyda olub Məsihin ayaqlarına yıxılmasın...
Bunu görünür, o vaxt hiss eləmişdi. Özünü yaxşı tanıyırdı, ona görə. Toğrula da özü ərə getmişdi, psixiator bacısının da burda heç bir günahı yox idi. O birilərin içindən Toğrulu da yəqin ona görə seçmişdi ki, o vaxt qabağına çıxanlardan ən üzüyolası, həlim xasiyyətlisi o idi. Görünür hiss eləmişdi ki, Toğrulu istədiyi vaxt - tanış darısqallıqlara düşüb boğula-boğula çabalayanda, divar radiosunu söndürən kimi, söndürə bilər… İstəsə, uzun müddət yandırmaz.
İndi həmin o vaxt gəlib çatmışdı. – fikirləşdi və başını çevirib oğlanın üzünə baxdı.
Oğlan onun baxışından çaşıb gözünü qaçırtdı, bir müddət harasa yan tərəfə baxdısa da, sonra yenə gözləri ona dikildi.
Bir anlıq hər ikisi bir-birinə nə isə deyən kimi baxışdılar... bütün mağar - içindəki musiqiçiləri, rəqs edənləri qarışıq əriyib harasa kənara çəkildi.. musiqi də, adam səsləri də zəifləyib harasa aşağı endi…
Oğlanın bənizi ona baxdıqca, ağarırdı, gözlərinə yenə yaş dolurdu… Yoxsa, bu, yenə ona elə gəlirdi?..
İçində nə isə burxuldu… Elə bil bətnində uşaq tərpəndi. Gözünü oğlanın üzündən çəkib yerə, oynayanların ayaqlarına baxdı.
Rəqs edənlər ayaqlarını bərk-bərk yerə vurdular. Təpiklər yerə dəydikcə, mağarın döşəməsi isinirdi, yumşalırdı, əriyirdi…
İçində burxulanın nə olduğu barədə fikirləşdisə də, dəqiq bir şey müəyyənləşdirə bilmədi. Olsun ki, oğlan xoşuna gəlmişdi… Yoxsa, içində çaxan təlatümün səbəbi ayrı bir şey idi?..
Axır vaxtlar özü öz içiylə elə hesablaşırdı, elə bil içi özünə aid deyildi. Bu, nə idisə, ondan bir addım aralıda, bir xeyli yuxarıda, halını, xasiyyətini həmişə anlamadığı, dərk eləyə bilmədiyi anlaşılmaz bir varlıq idi. Çox vaxt xoşuna gələn nəyinsə, sonradan həmin o mücərrəd varlıq tərəfindən rədd edilməsinin məyusluğunu dönə-dönə öz dərisində hiss eləmişdi deyə, ində nə isə barədə qəti əminliklə qərar çıxarmağa çətinlik çəkirdi.
Amma indi məsələ ayrı cür idi. - bir əliylə saçlarını sahmana sala-sala fikirləşdi. İndi həmin o «nə isə» xoşuna gəlməsə də, elə eləməliydi ki, gəlsin, başı nəyəsə qarışsın. Yoxsa, bütün günü bu boyda palçığın içində diri-diri öləcəkdi, palçıq dolu bu həyətin cansıxıcı bozluğunu burdan özüylə düz şəhərə aparacaqdı…
Musiqiçilər havanı dəyişdilər və ortaya balacaboy arıq bir kişi girdi, ayaqlarını dümbək ağacları kimi cəld-cəld tərpədə-tərpədə, şıdırğı oyun havası altında oynamağa başladı. Kişinin ayaqlarından havaya qalxan toz burnuna dolmasın deyə, ağız-burnunu əliylə bağlayıb fikirləşdi ki, niyə belə tərs-mayallaq fikirləşir? Axı palçıq bildiyi bu bozluğu da, cansıxıcı darıxdırıcılığı da o ki, özü ilə ordan - həmin o bozarmış şəhərdən, bozluq içində əriyib itən həmin o mənasızlıqlar dolu məzmunsuz həyatından gətirib?!.. Odu ki, o bozluğu, nəyin bahasına olur-olsun, burda qoyub getməlidi.
Bu oğlanla kəlmə də kəsə bilməyəcəkdi. Əslində, buna bir o qədər ehtiyac da yox idi. Kənd uşağıyla nə haqda danışmaq olardı ki?!.. Elə beləcə baxmaq, həyat eşqi ilə dolu bu diri gözlərin onun zahirindən heyrətləndiyini duymaq bəsiydi… İçini bürüyən qatı bozluğu dağıda bilsə, bu gözlər dağıdacaqdı...
Bayaqkı güllü paltarlı arvada oxşayan ayrı bir arvad adamların arasından çıxıb yanlarını basa-basa üstünə yeridi, qolundan tutub ayağa qaldıra-qaldıra:
- Acından üzüldün tay… - deyib onu camaatın arasıyla, onu bunu itələyə-itələyə evə sarı apardı.

***

Toy gecədən geyli keçəndən sonra dağıldı. Axır-axıra qalan yaxın qohum-əqrəba da o ki, var oynayıb əldən düşdülər. Onu da, Toğrulu da bir xeyli oynadıb başlarından pul yağdırdılar…
Mağar yığılandan sonra həyətdə səs-səmir kəsildi.
Toğrulun dayısı arvadı onu çəhrayı pərdəli səliqəli otağa ötürüb:
- Bilirəm, adamnan yata bilmirsən. Gəlinin otağıdı, rahat yat. Onları bu gecəliyə qaynımgilə göndərdim. - deyib çıxdı, pillələri düşə-düşə - Toğrulu Manafgil Xallıya apardılar, bibisigilə.
«Xallı» olsun ki, qonşu kəndlərdən biriydi. Toğrulun qoyum-əqrəbası, belə getsə, bütün Azərbaycanı bürüyəcək. - fikirləşib ayaqqabılarını soyundu, yerə döşənmiş yumşaq xalının üzəriylə yeridikcə, ayaqlarının rahatlandığını hiss elədi.
İkigözlü yatağın üstünə salınmış ipək örtüyü çəkib dörd qatlaya-qatlaya fikirləşdi ki, şükür Allaha, bu dəfə yerini ayrı salıblar. Yoxsa, ötən dəfə -altı-yeddi il bundan əvvəl bir otaqda yatmalı olduğu kənd arvadlarının xorultusunu, iniltisini şəhərdə yatanda yuxusunda da eşidirdi. O gecə yadına gəlir, dayıarvadının xorultusu yadına, Xiçkokun dəhşət-filimlərini salmışdı. Elə bil hardasa qapı çırpıldayırdı, sonra kimsə barmaqlarının ucunda divarların dibiylə sürünürdü… Onda, yadına gəlir, ona elə gəlmişdi ki, gecəni o qatı qaranlığında kimsə otaqlarına soxulmaq istəyir. Amma sonra - «qapı» dönə-dönə cırıldayanda, məsələnin nə yerdə olduğunu anlamışdı, səhərin gözünü, yatağının böyründə - döşəmədə salınan yorğan döşəyin içində xoruldayan dayıdostunun yarımaçıq ağzını müşahidə eləyə-eləyə açmışdı.
…Paltarının düymələrini açıb üzbəüzdəki güzgüdə özünə baxdı.
Doğrudan gözəl idi. Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, vaxt gələcək - bu gözəl, hamar dərisi qırışıb bürüşəcək, solub bozaracaq... Əllərini belinə vurub güzgüdə özünə yandan baxa-baxa fikirləşdi ki, bu bədən, bu dəri, bu saçlar Toğrul üçün artıq adiləşib. Olsun ki, Toğrul bu dəriyə, bu saçlara toxunanda daha heç nə hiss eləmir… saçlarının parıltısı da, gözlərinin işığı da, sürüşkən dərisi də Toğrul üçün göz döyənəyinə çevrilib.
Fikirləşdi ki, qınanılası deyil. Məgər o özü eyni bir şeyi görməkdən bezmir?!..
Hə, Toğrul onun saçlarından da, dərisinin şit ağlığından da bezmişdi. Hələ bəlkə bundan da o yana olacaqdı? Bəlkə bir müddətdən sonra Toğrul onun saçlarına, dərisinə baxanda, hamama qaçıb orda başını əl-üzyuyana salacaqdı, gücü gəldikcə ögüyüb qusacaqdı?!..
Güzgünün yaxınlığındakı pəncərədən içəri elə bil soyuq hava axdı…
Pəncərəyə baxanda dizləri boşaldı…
Pəncərənin o biri üzündən tanış, bozumtul gözlər zillənmişdi…
Pəncərənin qabağından pişik kimi kənara sıçradı, küncə qısılıb nəfəsi təngiyə-təngiyə işığı keçirdi, paltarının açıq yaxalığını tələm-tələsik düymələdi, başını küncə söykəyib sinəsinin döyüntüsü qulaqlarına dola-dola gözlədi. Nəyi gözlədiyini özü də bilmədi… Yerindən tərpənməyə qorxurdu. Tərpənsəydi, yenə pəncərədəki gözlərlə üzbəüz gələcəkdi…
Haçandan-haçana divarın dibi ilə sürünə-sürünə yatağına tərəf getdi, oğurlanıb pallı-paltarlı özünü yatağına saldı, adyalı başına çəkib ürəyi əsə-əsə sakitliyə diqqət kəsildi.
Sakitlik idi. Başını adyalın arasından çıxarıb pəncərəyə boylandı.
Pəncərənin arxasında heç kim gözə dəymirdi. Olsun ki, oğlan işığı söndürdüyünü görüb getmişdi. Ya bəlkə getməmişdi, harasa, kənara çəkilib gözləyirdi?!.. Nəyi gözləyirdi axı?.. - ürəyi sıxıla-sıxıla fikirləşdi.
Çöldən xışıltı səsi gəldi və o, başa düşdü ki, oğlan hələ də ordadı. Çox keçmədi ki, xışıltı daha aydın eşidildi. O idi, ayaqlarının qəsdən xəzəlin içində xışıldada-xışıldada pəncərənin altında gəzişir. – ürəyi döyünə-döyünə fikirləşdi – Onu düşünür, onu görmək, nə isə demək, ya soruşmaq istəyir… Ürəyinin titrədiyini hiss edib fikirləşdi ki, ürəyi niyə belə əsir axı?..
Xıışıltı səsləri kəsildi. Hardasa, qonşu həyətlərdə hürüşən itlərin səsi eşidildi. Olsun ki, səhərə az qalırdı.
Uzun yol gəlməkdən idi, ya kəndin havasının təmizliyindən idi, nə idisə, göz qapaqları ağırlaşmışdı…
Pəncərəni astaca tıqqıldatdılar…
Ürəyi bu tıqqıltıdan bir az da şiddətlə döyünməyə başladı. Nəfəsini içinə qısıb sakitliyə qulaq asdı.
Səs səmir yox idi. Gözərini bağlayıb yuxuya getmək istəyirdi ki, pəncərə açıldı… Bayaq mağarın girişində gördüyü tanış siluet səssiz hərəkətlərlə içəri adlayıb pəncərəni ehmalca bağladı.
Qışqırmamaq üçün hər iki əlini ağzına basdı.
Otaq kəndin zülmət qaranlğına qərq olmuşdu. Bu qaranlığın içiylə daha bir qaranlıq – şiv qamətli siluet gəzişir, kor adam əsasını axtaran tək, deyəsən, onu axtarırdı...
…Dizlərinin, əllərinin titrədiyini hiss edib nəfəsini saxladısa da, qəfildən hardansa, arxadan ona sarılan qüvvətli qolların cəngindən qurtula bilmədi… isti qucağın içində bir xeyli çabalayıb heysizləşdi… qulağına dirənən nəfəs təngiyə-təngiyə nə isə deyirdisə də, başa düşə bilmədi... nəfəs nə isə təsirli bir söz dedi ona… elə bir söz ki, ürəyi az qaldı, onu eşitməmişdən əvvə dayana… sonra boynu cod tüklü çənənin asta gəzişməsindən elə gizildədi, az qaldı nəfəsi kəsilə…
Nəfəsi əslində, kəsildi də… dəmir qolların arasında sıxıldığından təngiyib qışqırmaq istədi…
…Yuxudan dik atıldı… hava açılırdı. Uzaqdan xoruz banı səsləri eşidilirdi. Bir də hardansa yaxanlıqdan mal-qara sürüsü keçirdi, deyəsən.
Dikəlib yerinin içində oturdu. Bədəni hələ də bayaqkı yuxusunun təsirindən titrəyirdi. Pəncərə bağlı idi. Ayağa qalxıb barmaqlarının ucunda pəncərəyə yaxınlaşdı.
Həyət bomboş idi. Darvazanın o üzündən, ağır fınxırtıları bir-birinə qarışan mal-qara sürüsü keçirdi.
Ürəyi sıxıldı. Uzaqdan da olsa, o oğlanı görmək istədi…
Kaş elə indi – hamı yuxuda ikən o burda - pəncərənin qabağında dayanıb ona baxaydı. Baxaydı və ağlayaydı…
Sonra ürəyi döyünə-döyünə fikirləşdi ki, sən demə, həyatı hələ qabaqdaymış… O isə elə bilirdi, hər şey bitib, qurtarıb, bundan sonra qocalıq gəlir və sair və ilaxır.
Onu nələr gözləyirmiş?!.. Cansıxıcı bozluğun axırı varımış sən demə...
…Qapı döyüldü:
- Ağrın alım a gəlin, simavar çayı dəmləmişəm. Toğrul da gəlib çıxıb. Gəl, bir tikə çaydan-çörəkdən ye, yola çıxırsız.
Toğrul özünü səhər yeməyinə gətirib çıxara bilmişdi. Bir günün içində elə bil kökəlmişdi, bir az da elə bil qocalmışdı.
- Hə, necə yatdın? Darıxmadın?..
Dünənki gecəni, oğlanın pəncərəyə həkk olan üzünü yadına salıb gülümsədi:
- Yox.
Yolasalma mərasiminə xeyli adam yığılmışdı. Həmişəki kimi, dayılar, bibilər, xalalar, əmigəlinləri, dayınəvələri… Yola pay qoymaq üçün qoyun soyan kim, nar, alma yığan kim…
Maşina əyləşəndə, birdən-birə ürəyi şəhər üçün darıxdı. Maşının salonundan şəhərin iyi gəlirdi.
- Sağ-salamat!.. Allah amanatı!.. – kim idisə suyu arxadan elə atdı, maşının dal şüşəsinə töküldü.
Maşın kəndin əyri-üyrü, palçıqlı yollarıyla kök arvadlar kimi yanlarını əyə-əyə yola düzəldi. Arxa pəncərədən, uzaqlaşdıqca balacalaşan adamlara baxa-baxa, gözü Onu axtardı... ürəyi döyünə-döyünə fikirləşdi ki, görən O hardadı indi?..
Qabaqda üç inək gedirdi. İnəklərin üçü də qəhvəyi rəngdəydi, quyruqlarını yelləyə-yelləyə, özlərini burcuda-burcuda elə gedirdilər, elə bil böyürlərinə dirənib siqnallayan maşın da onlar kimi, qəhvəyi quyruqlu bir inək idi…
Toğrul əlini siqnaldan çəkmirdi. İnəklər maşını veclərinə almırdılar, burun pərələrini enlədə-enlədə, palçıqdan qaralıb sulanan nazik quyruqlarını böyürlərinə vura-vura, asta-asta yeriməklərindəydilər…
Toğrulun hövsələsi daraldı, başını pəncərədən çıxarıb, inəkləri onların özü kimi sakit-sakit aparan iki oğlandan birinə:
- Ə, di çək bunları da yoldan!.. - deyib çığırdı.
İnəkləri köhnə, yekə ölçülü pencəklər geymiş iki kənd uşağı müşayət edirdi, Toğrulun çığırtısına biri əlindəki uzun qamçını havada oynadıb:
- Ho-ho! Ho! Ho!.. - deyə-deyə sürünü yolun kənarına yönəltdi.
Toğrul qazı əsəbi-əsəbi basıb maşını irəli sürdü. Maşın oğlanların böyründən ötəndə ürəyi qırıldı…
Bu o idi… dünən axşam toy mağarının qapısından ona zillənən, gecə yuxuda qucağında çırpındığı həmin bozumtul gözlü oğlan… İndi bu gözlər toz-torpaqlı sifətə səhvən düşmüş kimi əcaib görünürdülər.
Əsəbilikdən, ya sarsınıdan, ürəyi bulandı. Əlini ağzına tutub ögüdü. Toğrul dik atılıb geriyə çöndü:
- Noldu sənə, soyuqlamısan?..
Başını bulayıb pəncərədən çölə baxdı.
- Bəlkə yenə o söz?.. – Toğrul deyib bu dəfə ona güzgüdən baxdı.
Toğrula nifrətlə baxdı. Belə baxanda Toğrulun üzü həmişə üzü elə əyilirdi, elə bil üstünə güclü təzyiqlə su buraxırdılar.
Necə də nifrət eləyirdi bu dəqiqə ona?!.. Bütün günahlar ondaydı. Payızın bu cod bozluğunda bu mənasız kəndçilərin arasına gəlməyi də, gecəki o ətürpədən yuxusu da, özü üçün uydurduğu o şit məhəbbət macərası da, ağzında gecə-gündüz şaqqqıldadıb damağını yara eləyən protez də - hər şeyin, hər şeyin baiskarı o idi...
Çönüb arxaya baxdı. Oğlan, deyəsən, onu sonradan tanmışdı… çünki üzü yenə dünənki kimi işıqlanmışdı… elə bil gözləri də dolmuşdu… əllərini dünən toydakı kimi, ciblərinə salıb həmin o dolu gözlərlə maşının ardınca baxırdı…
Maşın kənddən uzaqlaşdıqca, oğlan da, inəklər də kiçilib gözdən itdikcə, hardansa palçıq iyi dolurdu maşına... Hansısa uzaqlıqlardan yenə toy səsi eşidilirdi. Elə bil oxuyan da həmin müğənni idi, səsini əsdirə-əsdirə, arada bir əttökən xallar vura-vura oxuyurdu:
Gələrsən - qadan allam,
Gedərsən - yola sallam…

1985

Комментариев нет:

Отправить комментарий