İ Z D İ H A M
(roman)
...Yenə atasını gətirirdilər... Atasının cənazəsini uzun-uzun kişilər gətirirdi. Onların ardınca uzun-uzadı dəstələrlə qara geyimli adamlar gəlirdi. Adamların üzü batan günün rəngindən qırmızı idi deyə hamısı bir-birinə oxşayırdı. Bir az da elə bil keçiyə oxşayırdılar. Bəbəyi görünməyən xırda gözləri günün zəif işığından qıyıla-qıyıla, itələşə-itələşə gəlirdilər...
Aradabir adamların içindən kimsə yeri təpikləyib göyə atılırdı. Lap arxadan, haradasa izdihamın qurtaracağından kişnərti səsləri gəlirdi...
...Adamlardan sonra cərgə ilə əklillər gətirirdilər. Əklillərin kağız gülləri, külək vurduqca ovulub xırda kəpənəklər kimi izdihamın üstü ilə uçurdu...
...Qara geyimli adamlar yaxınlaşdıqca, izdihamın uğultusu eşidilməyə başlayırdı… Külək bərkiyir, saysız-hesabsız qara geyimləri qara bayraqlar kimi möhtəşəm-möhtəşəm yellədirdi...
...Uğultunun içi ilə hardansa zəif-zəif sızan tanış səs eşidilirdi...
Atası idi... tabutda gözüyumulu uzana-uzana burnunun içi ilə balaca bayquş kimi ulayırdı... harasısa ağrıyırdı, ya ağlayırdı?! Ya bəlkə oxuyurdu?..
...Qəhər boğazını sıxdı:
- Ana!.. - deyib çığırdısa da səsini eşidən olmadı.
...İzdiham getdikcə gedir, qara duman kimi çəkilib uzaqlaşırdı…
Ana nənəsi hardasa arxasındaydı, vergül qaşlarını tərpədə-tərpədə:
- İndi bilərsiz aclıq nədi, yetimlik nədi... - deyib ləzzətlə gülümsəyirdi. Nənəsi güldükcə ağzından, bir-birindən aralı uzunsov, metal dişləri görünürdü. Nənəsi gülümsünüb-gülümsünüb axırda dəmir dişlərini bir-birinə vurdu:
- ...Anan çox qudurmuşdu... - dedi.
- Elə demə... - dedi və hiss elədi ki, əsəbilikdən ağzı büzülür - anam ölüb axı...
- Ölsün elə!.. - nənəsi ilan kimi fışıldadı...
Nənəsinin çiynindəki boz sərçə də ağzını açıb ilan kimi fışıldadı, boynuna dolanan çəhrayı, kor soxulcan da başını qaldırıb o yan-bu yana yellədə-yellədə fısıldadı…
...Əl atıb nənəsinin üzünü cırdı… Nənəsinin üzü əlcək kimi soyulub ovcunda qaldı…
...Nənəsinin dərisini yerə atmaq istədisə də, alınmadı. Dəri yapışqan kimi ovcuna yapışıb qopmaq bilmirdi. Yerdən daş götürüb dərini daşla sürtdü, ovuntulayıb yerə tökdü. Sonra haradansa bozumtul toyuqlar gəldi və nənəsinin quru dərisini tələm-tələsik dənlədilər...
...İzdiham gözdən itəndən sonra yerə oturub ayaqlarını uzatdı. Qıçları xeyli uzanmışdı, həm də elə bil azca əyilmişdi.
Qıçlarını bir-birinə doladı. Qıçının biri o birinə üç-dörd dəfə dolanıb buruldu. Sonra ha çalışdı, aça bilmədi. Qıçları düyün düşmüşdü...
...Sonra zəng vuruldu. Düyünlü qıçlarını ardınca sürüyə-sürüyə əlləri üstə iməkləyib zəng gələn tərəfə getdi.
…Gələn anası idi. Anası onu görmədi, üstündən keçib otaqlara girdi, bir müddət onu oralarda axtardı.
...Ha istədi qışqıra, səsi çıxmadı. Əl çalıb anasını çağırdı. Anası gəlib onu tapdı, əyilib bir müddət mehriban gözləriylə üzünə yaxından baxdı.
- Necəsən?... - dedi.
...Atası da buradaydı. Otağın lap aşağı, qaranlıq küncündə üzü divara oturub bir qıçını əsdirə-əsdirə yenə nə isə yazırdı. Yaza-yaza siqaret çəkirdi, tüstü burnundan, qulaqlarından çıxırdı.
Sonra nə oldusa, tüstü burula-burula atasının təpəsindən çıxmağa başladı… Atası qələmi yerə qoyub qulaqlarını tuta-tuta:
- Başım yandı, ay Allah!.. - deyib çığırdı.
Anası mətbəxdən balaca suçiləyəni gətirib gülümsəyə-gülümsəyə atasının başını suladı. Atasının başı sudan cızıldayıb tüstülədi.
Anası tüstünü üzündən yelləyə-yelləyə gəlib onu qucağına aldı, gətirib çarpayıya uzatdı, üzünə kəlağayıya oxşar nə isə çəkib:
- Yat daha... gecdi... - dedi və harasa getdi.
...Örtüyün o üzündən hər şey çəhrayı görünürdü...
Atasının başının tüstüsü kəsmişdi. Atası indi acgöz üzü ilə çəhrayı vərəqlərin içində elə eşələnirdi, elə bil onların arasında yeməlisini axtarırdı…
...Sonra hardansa ərinə oxşayan cavan oğlan gəlib başının üstə durdu, çəhrayı bığlarıyla gülümsədi, utana-utana çəhrayı duvağı üzündən qaldırdı, əlindən tutub onu ayağa qaldırdı.
Ayağa qalxanda üstündəki güllər yerə töküldü…
...Musiqiçilər dəhlizdə dayanmışdı, elə oradan, gülərüz adamların arasından ona baxa-baxa, gözləri bərələ-bərələ nə isə gülməli hava çalırdılar. Əri yerdəki gülləri yığıb onun qucağına basdı. Baxıb gördü qucağındakı, dabanı yeyilmiş köhnə ayaqqabılarıdı…
...Sonra yadına düşdü ayaqqabıları haradan gəlib çıxmışdı qucağına. Bayaq "Vağzalı"nın səsi həyətlərində eşidiləndə özünü itirib ətəyi ayaqlarına dolaşa-dolaşa o yan-bu yana qaçanda, çəkmələri geyməyə macal tapmamışdı. Bayaq ayaqqabıları sabun kimi sürüşkən idi, ha əlləşirdisə də, sıçrayıb əlindən çıxırdı.
...Əyilib ayaqlarına baxdı. Ayaqları soyuqdan donub, ağarıb ağappaq dişə oxşayırdı…
Əri qoluna girib onu musiqiçilərin yanından keçirdi, ehtiyatla pillələri düşürdü.
...Pilləkəni düşdükcə, ağ gəlinlik paltarının uzun ətəyi aradabir arxasınca pillələri düşən qohum-əqrəbanın ayaqları altında qalırdı, onu yerində laxladırdı. Sonra paltarının ətəyi arxada elə bil nəyəsə ilişdi…
...Geriyə çönəndə ürəyi qırıldı... Arxada heç kəs yox idi. Ətəyini məhəccərə keçirib harasa getmişdilər...
Qayıdıb ətəyini məhəccərdən çıxarmağa başladı, alınmadı. Məhəccərdən aşağı baxıb gördü, əri lap axırıncı mərtəbəni enir.
…Əri əlləri cibində kiminləsə danışa-danışa pillələri enirdi, küçəyə çıxanda şaqqanaq çəkib güldü. Sonra ərinin səsi bir xeyli də həyətdən gəldi. Əri nə isə hərbi aviasiyadan danışırdı. Ərinin səsi bir mğddət də eşidilib yox oldu.
…Ətəyini bir də var gücü ilə dartdı... Başında nə isə uzundraz bir şey vardı, tərpəndikcə təpəsində laxlayıb dingildəyirdi. Ha əlini başına atıb yoxlamaq istədi, əli başına çatmadı. Əli güdəlib enlənmişdi, ağzına güclə çatırdı...
Ətəyini bir də dartanda, başından uzunsov güldana oxşar nə isə yerə düşüb çilik-çilik oldu...
...Səsə qonşuların qapıları açıldı. Dayanıb əsəbi üzlərlə onun yöndəmsiz hərəkətlərinə baxdılar.
...Ətəyini dartdıqca, ətürpədən cırıltı səsi mərtəbələrə yayıldı, kimsə evdən bu eybəcər cırıltıya oyanan körpə, əti kəsilən kimi çığırıb ağladı. Sonra baxıb gördü, çığırtı səsi ətəyindən gəlir. Çığıran, böyük qızı idi, məhəccərin dəmirlərinə keçirdiyi başını çıxara bilmirdi.
...Uşağı başıqarışıq necə dartdısa, qızın qulaqları qopub yerə düşdü.
...Üzbəüz qapının ağzında dayanan qalınqaş kişi qaşlarını əsdirə-əsdirə nifrətlə gah ona, gah da qızının, düşbərə kimi yerə yapışan qulaqlarına baxıb:
-Tfu! - dedi, qapını çırpdı.
...Xəcalətdən nəfəsi kəsilə-kəsilə qızının qulaqlarını yerdən götürüb ciblərinə soxdu, ağlamaqdan göyərib özündən gedən uşağı qucağına alıb, ayaqları bir-birinə dolaşa-dolaşa, tələm-tələsik aşağı düşdü.
...Düşdükcə pillələr qurtarmırdı, burula-burula, uzana-uzana harasa bir az da aşağı gedirdi. Bir neçə mərtəbədən sonra qapılar qurtarırdı, pillələrinsə sonu, qurtaracağı görünmürdü...
...Ərinin səsi indi də hardansa yuxarıdan gəlirdi. Əri yenə hərbi aviasiyadan danışırdı…
Qonşular səs-səsə verib:
- Çox mübarək, xoşbəxt olun... oğullu-uşaqlı olun... - deyirdilər.
Musiqiçilər də hardasa yuxarıda çalırdılar. Sonra əri də, musiqiçilər də danışa-danışa, çala-çala çıxıb harasa getdilər. Hardasa uzaqda maşınların qapıları çırpıldı, qonşuların səsləri gəldi.
...Qızı qucağında vurnuxub zıqqıldaya-zıqqıldaya, balaca əlləri ilə qulaqlarının qanını üz-gözünə yaxdı, sonra qanlı əllərini ağzına soxub sümürə-sümürə yuxuya getdi.
...Uşaq qucağında əyilib bir müddət aşağıya, sonra yuxarıya baxdı...
...Pilləkənin əvvəli-axırı görünmürdü… Pillələrdən sonra həyətlərinə açılan çöl qapısının ha tərəfdə olduğunu yadına salmağa çalışdısa da, pillələrin harda qurtardığı yadına düşmədi.
Pilləkənin bir küncündə oturub qızını qucağında yellədə-yellədə:
- A - a - a!.. - dedi.
Qızı başını qoltuğuna soxub yuxuya getdi. Bir müddət qucağındakı uşağı yellədə-yellədə pilləkənin üstündə oturub sakitliyə qulaq asdı. Sonra elə bil hardansa lap aşağıdan, kimsə hansısa qapını açdı. Bir qədər sonra aşağıdan, nəyinsə o üzündən anasının yorğun səsi eşidildi, pillələr boyu əks-səda verdi…
Anası:
-Tez ol... - deyirdi - bunlar atamı yandırdılar...
Uşağı qucağına alıb ayağı burxula-burxula, nəfəsi kəsilə-kəsilə aşağı düşdü…
...Evləri uşaqla dolu idi. Uşaqlar dəhlizdə, otaqlarda qaynaşırdı. Beş-altısı velosiped sürürdü, bir az böyükləri pərdələrdən, çilçıraqdan asılıb yellənirdilər, qalanları bir-birinə dəyə-dəyə döşəmə boyu iməkləyirdi. Bir-ikisi də anasının qucağında idi, acgöz-acgöz hərəsi bir döşünü əmirdi.
...Anasının saçları uzanıb çiyinlərinə tökülmüşdü… Qucağındakı uşaqlar döşlərini əmə-əmə anasının saçlarını xırda-xırda hörürdğlər.
...Uşağı qucağından yerə qoyub başının tükü qabara-qabara:
- Bu nədi belə?.. - dedi.
Anası uşaqları pərdələrdən qopara-qopara:
- Səndən soruşmaq lazımdı… - dedi, sonra uşaqlar elə döşündən asıla-asıla əllərini belinə vurub onunla üzbəüz dayandı, nifrət dolu üzü ilə:
- Bəlkə deyəcəksən xəbərim yoxdu?!. - dedi.
...Bədənindən xoşagəlməz üşütmə keçdi.
...Uşaqlardan bir-ikisi ayağına çatıb topuğu ilə üzüyuxarı dırmaşırdı, aşağıdan yuxarı balaca üzlərlə ona baxıb miyoldayırdılar...
...Anası evin künc-bucağından, şkafların altından, stulların üstündən uşaq yığırdı. Yığa-yığa, qəhərli səsiylə:
- Min kərə dedim, iki uşaq bəsindi... Dedim-demədim? - dedi.
- Dedin... - deyib başını aşağı saldı.
Anası deyinə-deyinə uşaqları iri, tozlu çuvala yığırdı:
- Bəs niyə sözümə qulaq asmadın?..
...Axırınmı uşağı balışın altından çıxarıb ağzınacan uşaqla dolu çuvalın içinə basdı, bürmələyib ağzını yoğun iplə bağladı, bəbəyi irilən xəstəhal gözlərlə ona baxıb:
- Di tez ol... - dedi.
...Mətbəxə keçib əl-ayağı əsə-əsə kibrit axtardı, ayaqları bir-birinə dolaşa-dolaşa gətirib kibriti anasına verdi. Anası kibriti alıb:
- Bəs nöyüt?.. - dedi.
...Nöyüt anasının yataq otağında, paltar şkafının içində idi.
Nöyütü anasına verəndən sonra divara söykənib üzünü tutdu. Sonra barmaqlarının arasından baxıb gördü necə anası, bəbəkləri irilib gözünün ağını örtə-örtə nöyüt şüşəsinin ağzını açır, şüşəni, içi uşaqla qaynaşan adamboylu çuvalın üstünə əndərir, sonra geriyə çəkilib yanan çöpü çuvala atır...
...Çuval alışdıqca ətürpədən səslə cüyüldəyir, vığıldayır, nəhəng adam kimi oturub-qalxır, alov bədəninə işlədikcə otağın içiylə atılmağa, tüstüsü təpəsindən çıxa-çıxa özünü divarlara çırpmağa başlayır… Sonra nə oldusa, çuval qapqara qaraldı, nərə çəkib üzü üstə yerə yıxıldı... Qapqara tüstü otaqlara dolub ətrafı görünməz elədi...
...Tüstüdən boğulub öskürə-öskürə evin içi ilə dörd dolanıb:
- Ana!.. - deyib çağırdısa da, səsinə səs verən olmadı…
Sonra tüstünün içi ilə uzun müddət yol getdi... Evin divarları, dəhlizi qapqara tüstünün içində əriyib itmişdi... Odu ki, qaranlığın içiylə dümbədüz, uzun-uzadı yol getdi…
...Bir qədər gedəndən sonra tüstünün içində kiminləsə alın-alına toqquşdu, turşumuş tər iyi ilə şirin ətinin qoxusundan tanındı.
Məktəb direktoru Sürəyya müəllimə idi. Dərin qırışlarla dolu uzun sifəti tüstünün içində tüstü ilə bir qalın, ağır bayraq kimi aramla dalğalanırdı...
Sürəyya müəllimə ona dəyib dayandı, sağ gözünün üstünə enən qırışı qaldırıb bir gözüylə ona baxdı, kişi səsinə oxşar qalın səsi ilə:
- Əllərini göstər... - dedi.
...Əlləri yanan çuvalın hisindən qapqara qaralmışdı, cütləyib qabağa uzatdı, Sürəyya müəlliməyə göstərib başını aşağı saldı.
Sürəyya müəllimə o biri gözünün qırışını da aralayıb onun əllərinə diqqətlə baxdı, sonra başını qaldırıb hələ də dalğalanan bayraq üzü ilə eləcə diqqətlə onun gözlərinin içinə baxdı, qalın səsi ilə:
- Get, valideynin gəlsin... - dedi, gözlərinin qırışını yerinə buraxıb ayaqlarını tüstünün içi ilə sürüyə-sürüyə keçib getdi…
…Sonra yenə hardansa arxadan, tüstünün içindən Sürəyya müəllimənin qalın səsi eşidildi. Sürəyya müəllimə arxada kiminləsə toqquşub:
- Əllərini göstər... - dedi, sonra da...- get, valideynin gəlsin... - dedi.
Sürəyya müəllimə çox da uzağa getmədi. Geri çönməsə də, ürəyi əsə-əsə hiss elədi ki, Sürəyya müəllimə bir qədər yeriyəndən sonra orda, arxada kimlərləsə rastlaşdı, amma daha heç nə demədi, bir an yerində dayanıb geriyə çöndü, qara tüstünü əyri bədəni ilə yara-yara, ayağını sürüyə-sürüyə onun ardınca gəlməyə başladı… Addımlarını yeyinlətdisə də, içi əsə-əsə, qulaqları gizildəyə-gizildəyə hiss elədi ki, Sürəyya müəllimə onun arxasınca tək gəlmir...
...Çox keçmədi ki, bir də baxıb gördü, tüstünün içi ilə, çiyinlərinə toxuna-toxuna yan-yörəsi ilə yeriyən uğultulu qara geyimli adamların arasıyla gedir...
Arxadakılar yenə paltarının ətəyini tapdalayırdılar onu yerində laxlada-laxlada ardınca yeriyirdilər… Aradabir elə bil kimsə atılıb onun, arxada yerlə sürünən uzun gəlinlik paltarının ətəyinə mindi, həzdən civildəyə-civildəyə arxasınca süründü…
…Çönüb baxdısa da, tanımadı. Girdəsifət, arıq bir arvad idi, ətəyinin üstündə bardaş qurub oturmuşdu, başı, qulaqları əsə-əsə civildəyib gülürdü.
Arvadın üzü çox tanış gəlirdi... Hardasa şəkildə görmüşdü, ya nə vaxtsa onlarda qonaq olmuşdu, yadına sala bilmədi…
...Atasını yenə hardasa qabaqda aparırdılar. Atası yenə balaca bayquş kimi ulayırdı... Atasının səsinə qara tüstünün hansı ucqarlarındansa bayquşlar səs verdi...
...Tükləri biz-biz oldu, üşüyə-üşüyə yaxası açıq paltarının boyun- boğazını dartışdırdısa da, yalın sinəsini örtə bilmədi. Sonra elə bil bayquş səsləri lap yaxından gəldi. Elə bil izdihamın içindən kimlərsə uladı, sonra da xısın-xısın gülüşdülər…
...Oğrun-oğrun o yan-bu yanına baxıb aradan çıxmağa yer axtardı... ...Arxadan kimsə kürəyinə çubuq vurub quru səsiylə:
- Yeri-yeri... - dedi.
Geri çönməsə də, səsindən tanıdı. Suğra müəllimə idi... Yəqin yenə çəp gözlərinin xırda gilələri hikkədən bir az da çəpləşmişdi, tüpürcəyi, həmişəki kimi göyərmiş dodaqlarının künclərində qurumuşdu, əlində, sınıq ucu ilə xəritələrin köhnə deşiklərini cırıb böyüdən göstəricisini yellədirdi…
Sonra kim idisə, lap qulağının dibində uladı, bayquş başını ona sarı çevirib girdə gözlərini bərəltdi, tüklü buxağını əsdirib vahiməli-vahiməli quqquldadı…
Qorxudan içi titrəyə-titrəyə üzünü tutub ağladı.
- Ağla bala, ağla... ağlamalı günlərin çatıb...
...Yenə metaldiş nənəsi idi. Qabaq cərgədə əyri ayaqlarını sürüyə-sürüyə nazik üzünü qoz belinin arxasından çıxarıb ona sarı boylana-boylana, həzdən nəfəsi itə-itə fışıldayırdı:
-...Hələ çox ağlayacaqsan. Hamınız ağlayacaqsız... Ağlaya-ağlaya öləcəksiz!.. Ölə-ölə ağlayacaqsız!..
Nənəsinin boz sərçəsi yenə çiynində idi, yenə qara, tum gözləri ilə dinməz-söyləməz ona baxırdı… Çəhrayı soxulcan da üz yerində idi, sulu boyunbağı kimi qıvrılıb balaca başı ilə quyruğunu nənəsinin boynunda düymə kimi düyünləmişdi.
Bayaqdan bəri Suğra müəllimənin cərgəsində milçəkləri qova-qova gedən uzun, qara bir adam əlindəki milçəköldürənlə arxadan necə vurdusa, nənəsi milçək kimi vızıldayıb susdu. Asfaltda nənəsindən nöqtə boyda nəm ləkə qaldı...
...Kimsə qolundan tutub kənara çəkdi, ətəyi arxadakıların ayağı altında qalıb cırıldı. Fatma idi… Ağ önlüyü də, bir ucu başından çiyninə asılan ağ lenti də mürəkkəb ləkələri ilə dolu idi...
...Gözlərini qıyıb başıyla haranısa o yanı göstərirdi, nəyəsə işarə edirdi…
…Fatmayla bir yüyürüb qara izdihamdan uzaqlaşdıqca, arxadan Suğra müəllimənin nazik çubuğunun vıyıltısını eşidirdilər... Suğra müəllimənin çubuğu arxada vıyıldaya-vıyıldaya, bədənləri gizildəyə-gizildəyə qaçıb üzlərini məktəbin arxa həyətinə yetirdilər, orda idman zalının ağzında, küncdəki nəhəng, dəmir çəlləyin içinə girib qapağını çəkdilər. Çəlləyin dibi dəmir-dəmürlə, bir də əhəngəoxşar narın qumla dolu idi. Fatma qaranlıq çəlləyin içində yerini rahatlaya-rahatlaya:
- Ölsələr də, ağıllarına gəlməyəcək... - dedi. - İkinci zəngdən sonra çıxarıq...
...Çəlləkdə vaxt tez ötdü, uzun-uzadı ikinci zəng çalındı və uşaqlar həyətə dağıldılar… çəlləyin qapağını at ayaqlarıyla döyə-döyə o yan-bu yana qaçdılar. Sonra sakitlik çökdü, kimsə çəlləyin o üzünü qapı kimi döydü.
Nəfəsini saxlayıb çəlləyin çatından çölə baxdı... Suğra müəllimənin yaşımtıl qulağı idi... çəlləyin çatı boyu nə isə axtaran yekə əl kimi yuxarı-aşağı gəzirdi. Sonra çəlləyin çatı cırıltı ilə aralandı və içəri Suğra müəllimənin çəkic kimi iti burnu girdi... bir müddət çəlləyin içini iylədi. Sonra çəlləyin çatından içəri Suğra müəllimənin çəngələoxşar əyri barmaqları girdi. Barmaqlar bir müddət kor əqrəb kimi çəlləyin içi boyu o yan-bu yana yeriyib deyəsən onları axtardı...
Suğra müəllimənin «əqrəbi» bir müddət beləcə barmaqları üstə çəlləyin içi boyu gəzib-gəzib axır ki, Fatmanın topuğunu tapdı. Bir müddət də Fatmanın ayağını çəngəlləyib topuğuna keçdi.
Fatma, topuğu Suğra müəllimənin əlində, kədərli gözlərlə qaranlığın içindən ona son dəfə baxdı, balaca, girdə gözləri yaşla dolub şüşə kimi parıldadı...
Suğra müəllimə Fatmanın topuğundan tutub bir müddət onu çəlləyin içində başıaşağı saxladı, sonra harasa yuxarıya çəkib üz-gözünü sivirə-sivirə, pal-paltarını cırıb sökə-sökə çəlləyin çatından çölə çıxardı..
Sonra bir müddət bədəni titrəyə-titrəyə, Fatmanın, çəlləyin o üzündən eşidilən səsinə qulaq asdı... Fatma əvvəl pişik kimi miyoldadı, sonra toyuq kimi qıqqıldadı, kəsilə-kəsilə uzun-uzadı kişnədi...
...Dizləri əsə-əsə çəlləyin çatından baxıb gördü Suğra müəllimə Fatmanın belində ucu sınıq uzun göstəricisini havada oynada-oynada, Fatmanın dalını döyəcləyə-döyəcləyə "ehe-he-hey!.." - deyə-deyə məktəbin sarımtıl binasına sarı qaçmaqdadı...
…Fatma kişnəyə-kişnəyə uzaqlaşdıqca, çəlləyin içinə qaranlıq çökürdü... ya hava qaralırdı?!. Axır nə idisə, çəlləyin içi get-gedə daralmağa, isinməyə başlayırdı...
...Ürəyi sıxıldı. Çəlləyin qapısını qaldırmaq istədisə də, alınmadı. Elə bil qapağın üstə kimsə oturmuşdu.
Odu ki, büzüşüb çəlləyin bir küncündə qaldı... Sonra deyəsən yuxuya getdi...
...Yuxuda, bədəninə soyuq tər gələ-gələ, dizləri boşala-boşala gözlərini qıyıb səliqə ilə iş görürdü... Hansı möcüzəyləsə yuxuya getmiş Suğra müəllimənin qulağına civə tökürdü...
...Civə, istilikölçənin ucundan gümüşü mürəbbə kimi ağır damlalarla, səliqə ilə Suğra müəllimənin yekə qulağına uyğun olmayan xırda deşiyindən içəri süzülürdü, süzüldükcə Suğra müəllimə ləzzətlə zarıyırdı. İstilikölçənin civəsi qurtarırdı, Suğra müəllimənin zarıltısı kəsmək bilmirdi...
İzi boşalmış istiliköğlçəni gizləməyə yer yox idi. Oğrun-oğrun o yan-bu yanına baxıb istilikölçəni Suğra müəllimənin qulağının deşiyindən içəri buraxdı. İstilikölçən Suğra müəllimənin qulağının içi ilə bir müddət vıyıltı ilə uçdu, uçdu, sonra elə bil suyun izinə düşdü… Onda Suğra müəllimə gözlərini iri-iri açıb üzünü ona çevirdi, gümüşü üzü əyilə-əyilə:
- Bunu sən elədin? - deyib vahiməli səslə bağırdı...
...Onu da topuqlarından tutub başıaşağı sallamışdılar… Sonra eləcə tərsi-mayallaq vəziyyətdə aparıb ağ geyimdə ağ yataqda yatan anasına göstərdilər. Anasını da tərsinə gördü…
Anası belədə, çarpayını kürəyində saxlayan hansısa böcəyə oxşayırdı.
Sonra onu yaxşı-yaxşı bələdilər, aparıb ayrı bələklərlə dolu yarıqaranlıq otağın bir küncünə qoydular və çıxıb getdilər.
...Otağın yuxarı başı bələklərlə dolu idi. Həkimlər gedən kimi bələklər cərgə ilə sıraya düzülüb oxumağa başladılar. Xorun içindən kiminsə səsi lap cır çıxırdı. Baxıb gördü, kiçik qızıdı. Ən balaca bələkdə, əl-qolu sarınıb, ancaq üzü görünür...
...Qızı bələklərin arasında idi, balaca ağzını göyə açıb civiltili səsi ilə oxuyurdu. Oxuduqca ağzı quş dimdiyi kimi açılıb yumulurdu.
Sonra kimsə gəlib otağın işığını yandırdı. İşıq yanan kimi bələklər dağılışıb düşəmə boyu ilbiz kimi yırğalana-yırğalana süründülər. Ağ geyimli həkimlər ha o yan-bu yana qaçdılar, bələklərin hamısını tuta bilmədilər. Bələklər sürünə-sürünə divar boyu qalxdılar, bir-ikisi tavana qalxıb ordan üzüaşağı asıldı…
...O da qarnını soyuq döşəməyə sürt-sürtə bir xeyli bələklərin süründüyü səmtə sürünüb tərlədi. Bələklər divarın yuxarı küncünə çatıb bir-bir qaranlıq dəliyin içinə girirdilər orda yoxa çıxırdılar. Həkimlər əllərinə keçən bələklərdən dəstə-dəstə bağlayıb odun kimi üst-üstə arabalara yığır, tələm-tələsik harasa daşıyırdılar.
...Ondan qabaqda sürünən bələk o birilərdən arıq idi deyə, dəlikdən daha rahat keçdi. Keçib ordan içəri boylandı ona göz vurub xırıltılı səsi ilə:
- Gəl-gəl, ey dili-qafil... - deyib gözdən itdi.
Baxıb gördü, bələkdəki bığlı, çalsaç kişidi. Kişinin nəfəsindən acı tənbəki iyi gəlirdi.
...Başını dəliyə salıb dibi görünməyən qaranlığa baxdı…
...Dəlikdən nəmiş və kif iyi gəlirdi... bir də qəribə səslər eşidilirdi... Elə bil hardasa lap dərinlikdə kimisə çimdirirdilər, başına vedrə ilə su tökürdülər...
...Əvvəl başını, sonra bütün bədənini dəliyə saldı, sürünüb üz-gözünü cod divarlara sürtə-sürtə bələklərin qazıb açdığı havasız yolla bir xeyli də getdi.
...Yol çox uzun idi, süründükcə qurtarmırdı. Bir qədərdən sonra cod divar qurtarırdı, yumşaq nəm torpaq başlayırdı. Torpaq azca isti idi. Elə bil kimsə indicə yatıb-durmuşdu. Torpağın içi elə sakit idi, süründükcə öz xışıltısından az qalırdı qulaqları bata.
Torpağı iyləyə-iyləyə səs gələn tərəfə getdi...
...Atasını torpağın ən ilıq yerində basdırmışdılar…. Sürünüb atasının üzü boyu gəzdi, yanağına, ordan çənəsinə keçdi.
Atasının gözləri, burnunun dəlikləri ilıq torpaqla dolu idi... Üzü azca dəyişmişdi. Burnu nazilib uzanmış, qaşları yuxarı dartılmış, bığları məftil kimi qabarıb dən-dən durmuşdu.
...Əlini bələkdən çıxarıb çeçələ barmağı ilə atasının bığının bir telinə toxundu...
Tel sim kimi gərilib titrədi, cingildəyib torpağın qumunu oynatdı.
Barmağını atasının bığları boyu gəzdirdi. Torpağın içi ilə nə vaxtsa, lap çoxdan eşitdiyi tanış, kədərli musiqi gəzdi…
Musiqinin səsinə, ətrafda nə qurd-quş vardısa sürünüb, yeriyib gəldilər, dövrə vurub oturdular, qara, cansız gözlərini ona zillədilər.
...Bələkdən o biri əlini də çıxarıb atasının bığlarında ikiəlli çaldı. Çaldıqca, ilbizlərin, balaca qurdların gözü böyüdü. Sonra baxıb gördü qurdlardan ən xırdası kiçik qızıdı, yanlara uzanan nazik bığlarını tərpədə-tərpədə nöqtə başı ilə ona baxır...
Atasının bığları quru idi deyə, çaldıqca, bir-bir kökündən qırılıb yerə töküldü. Musiqi kəsildi.
...İlbizlər yerlərindən tərpənmədilər, gözləri böyüyə-böyüyə oturub ona baxdılar, sonra tökülüşüb torpağa balaca ox kimi sancılan bığları yığıb gətirdilər, ona verib təzədən yerlərini tutdular.
...Nə qədər çalışdı, bığları yerinə taxa bilmədi. Onda bığları bir kənara qoydu, utana-utana sürünüb atasının cibinə girdi. Cibin içi kif bağlamışdı, yuxarı küncündə anası bardaş qurub başıaşağı nə iləsə məşğul idi, deyəsən iynə ilə cibin yırtıq küncünü tikirdi, onu görüb:
- Odu ki, pul üzünə həsrətik... - dedi. - Bu boyda yırtıqnan cibdə pul qalar?!.
...Başını yırtığa salıb o üzünə baxdı. Yırtığın o üzü gözqamaşdıran işıqla, adamla dolu idi. Adamlar əsəbi üzlərlə işıqlı vestibüldə gəzişə-gəzişə lift gözləyirdilər, onu üz yanlarına çağırırdılar.
...Gəlib liftin qarşısında durdu. Liftin qapısı açılıb-bağlandı və o tanımadığı əsəbi adamlarla, dörd divarı güzgülü, havasız liftin içində qaldı, üzü divara dirənə-dirənə, nəfəsi kəsilə-kəsilə uzun müddət harasa yuxarı qalxdı...
Darısqallıqdan liftin güzgüləri buğ tutub bulandı. Sonra liftin içinin buğu adamların üzünü tutdu və o üzsüz adamlarla bir xeyli beləcə boğula-boğula harasa yuxarıya qalxdı.
Sonra liftin qapıları açıldı və onlar güzgü döşəməli geniş zala çıxdılar. Zal təmtəraqlı geyimli adamlarla dolu idi. Qadınların başındakı lələyəoxşar sancaqlar, kişilərin əynindəki parıldayan pencəklər zalın gur işığı altında bərq vurub rəngdən-rəngə düşürdü.
Adamların üzləri də paltarları kimi parıldayıb bərq vururdu. Onu görüb əl çaldılar, əllərindəki gülləri "Afərin!.." - deyə-deyə ona atdılar.
Gülləri havada tutub ehtiramla baş əydi, sonra qabağındakı mikrofonu tıqqıldadıb bir addım geriyə çəkildi, uzun, qara zurnasını ağzına tutub ovurdları şişə-şişə çalmağa başladı… Zurnanı çaldıqca, ovurdları ilə bir qulaqları, sonra bütün bədəni üfürlənib şişdi, ayaqlarını yerdən ayırıb onu havaya qaldırırdı və o, zurna çala-çala, hələ də həyəcanlı üzlərlə ona "Afərin!.." deyib çığırışan adamların başı üstündən uçub getdi…
...Beləcə zurna çala-çala bir xeyli şəhərin üstü ilə uçdu. Zurnanın səsi yuxulu şəhərə yayılıb adamları oyatdı, pəncərələrdən, eyvanlardan yuxarı boylananlar izlərini çəkdilər:
- Bu uşağın tumanı hanı? - dedilər.
Sonra kim idisə tanıya bilmədi, ətəyindən dartıb onu səhnədən yerə düşürtdü, qara zurnanı əlindən darta-darta:
- Ayıbdır... - dedi. - heç olmasa qəmli hava çal...
...Baxıb gördü yenə atasını gətirirlər. Atasını indi elə bil bayaq gətirdikləri səmtin əksinə aparırdılar.
…Qabaqda bomboş əklil çərçivələri, sonra qara geyimli adamlar, lap axırda atasının cənazəsi gəlirdi... Cənazəni aparmaqdan yorulub əyri-üyrü çarxlı arabanın üstünə qoymuşdular, getdikcə arxalarıyca sürüyürdülər. Sürüdükcə atasının üzü, çənəsi əsim-əsim əsirdi. Əsdikcə, üzünün cizgiləri yerini dəyişirdi. Burnu sallanıb ağzının üstünə düşürdü, qulaqları boynuna enirdi.
…Qara zurnanı ağzına salıb ovurdları şişə-şişə qəmli hava çaldı… Çaldıqca gözündən yaş axdı, hiss elədi ki, çala-çala gözləri çəpləşir...
...Atasının cənazəsini babası sürüyürdü. Tabutun iplərini iki tərəfdən çiyninə keçirib uzun boynunu əyə-əyə, nəfəsi kəsilə-kəsilə gedirdi. Aradabir əlindəki uzun dürməkdən dişləyib ağlamsına-ağlamsına:
- Yazıq balam... - deyib hıçqırırdı.
Babası tabutu beləcə sürüyə-sürüyə harasındansa su dolu şüşə çıxarıb qurtaqurtla içdi. Sonra yol getməkdən yorulanlardan bir-ikisini də kürəyinə şəlləyib iki-üç yerdən bağladı, içdiyi su burnundan gələ-gələ, ağır tabutu arxasınca sürüyə-sürüyə getdi…
...Babasının ardınca nə qədər qaçdısa da, çata bilmədi. Babası qara izdihamın ardınca uzun boyu ilə, kürəyindəki adamlarla bir müddət getdi, sonra yox oldu.
- Ana... - deyib hönkürdü.
- Can ana!..
...Anası kökəlmişdi. Qarnı yırğalana-yırğalana gəlib başının üstə dayandı, əyilib bir müddət üzünə baxdı, sonra əl-ayağını yığışdırıb onu qucağına aldı, döşünü ağzına basıb yelləyə-yelləyə:
- A-a-a-a... - dedi.
Anasının döşünün giləsi düymə kimi hamar və bərk idi, heç cür ağzına girmirdi...
Anası onu əvvəl yavaş, sonra get-gedə bərk yellədi. Sonra daha sürətlə yelləməyə başladı, sonra üzğ də yanına uzanıb onu qucağına sıxa-sıxa birgə yelləndilər...
...Yelləncəyin sürəti get-gedə artırdı... Yellənə-yellənə yanında uzanan anasına baxdı.
...Anası yellənə-yellənə yatmışdı... Yarıaçıq ağzından yuxudan keyiyib ağaran, yelləncək yelləndikcə xırda-xırda titrəyən dili görünürdü...
Yelləncəyin sürəti artdıqca anasının xorultusu da artırdı. Anası xoruldayıb sonra pələng kimi nərildəməyə başladı. Anasının nəriltisindən vahimələnib üşüdü, başını anasının qoltuğuna soxdu. Anasının qoltuğunun izi yumşaq idi, lap dərinliyində aramla bapbalaca girdə saat çıqqıldayırdı.
Anası nərildədikcə başının tükləri qabarırdı, günün üzü bozarıb ləkələrlə örtülürdü, yelləncəyin görünməyən ipləri cırıldaya-cırıldaya üzülürdü...
Sonra nə oldusa, anası birdən-birə elə bir nərə çəkdi ki, yelləncək kökündən qopub harasa geriyə uçdu.
...Beləcə, başı anasının qoltuğunda, balaca saatın çıqqıltılarına qulaq asa-asa uzun müddət geriyə uçdular, sonra harasa dəyib gurultu ilə yerə düşdülər.
...Ayağa qalxıb axsaya-axsaya əvvəli-axırı bilinməyən dümdüz divarın dibi ilə gəzib anasını axtardısa da, tapmadı.
Anasının xorultusu hardansa divarın o üzündən gəlirdi...
...Divarla üzbəüz kəfkirli saatın yanında, məxmər üzlü qəşəng kresloda ata babası oturub gözündə eynək, qaşları yuxarı dartıla-dartıla, bir qıçını əsdirə-əsdirə əsəbi üzüylə qəzet oxuyurdu. Onu görüb ayağının əsməyini saxladı, qaşlarını eynəyinin üstündən bir az da qaldırıb:
- Bı-ı-ıy?.. - dedi və daha heç nə demədi.
Axsaya-axsaya yaxına gəlib əzilmiş dizini babasına göstərdi.
- Qıçım sınıb... - dedi.
Babası bir müddət təəccübdən irilən gözləri ilə onun üzünə baxıb daha nə isə deyəcəyini gözlədi.
Axsayıb bir addım da yaxına gəldi, əzilən qıçını göstərib:
- Bu qıçımdı... - dedi.
Babası bir müddət də onun əzik qıçına baxıb başını yellətdi, buxağını əsdirdi:
- Qonşun pisdi, köç qurtar, qıçın ağrıyır, kəs qurtar... - dedi.
Yerə oturub dizinin qapağını açdı. Dizinin içində çıqqaçıqla saat işləyirdi, dizinin qapağını qaldıranda dingildəyib zəng çaldı. Babası zəngin səsinə qaşlarını bir az da yuxarı qaldırdı, boğazını uzadıb əsəbi səslə:
- Bı-ı-ıy? - dedi, sonra oturduğu yerdə əyilib nəhəng başmağını ayağından çıxartdı, başının üstə hərləyib ona tolazladı.
Başmaq başının üstündən vıyıltıyla keçib arxasında dayanan əlizənbilli yekəburun kişinin sifətinə dəydi. Kişi dizi üstə düşüb ağlamsına-ağlamsına diz-dizi qabağa yeridi. Yeriyib onun böyründən ötdü, babasının kreslosuna çatıb dayandı, eləcə dizi üstə iniltili səsiylə, o başa düşmədiyi dildə nə isə danışdı.
Kişi danışdıqca, babası üz-gözünü turşudub buxağını əsdirə-əsdirə başını yellədi:
- Xeyr!.. - dedi.
Sonra yekəburun kişilərdən bir neçəsi də gəldi. Onlar da diz-dizi sürünüb kreslonun qabağında durdular, arxaları ona, üzləri babasına nə isə inildədilər... Onlar inildədikcə, babası içini çəkib:
- Bı-ıy!?.. - deyirdi və get-gedə o "bıy"ı daha dəhşətli səslə deyirdi.
Sonra babası ayağa qalxıb kreslosunun yanındakı iri suçiləyəni götürüb dizi üstə oturan kişiləri suladı və baxıb gördü ki, kişilərdən biri yarpaqladı... Sonra diqqətlə baxıb gördü kişi yarpaqlamayıb, kirpi kimi elə oturduğu yerdə tikan çıxarıb.
Sonra kirpi-kişi başını aramla geriyə çevirib kirpi üzüylə ona baxdı, burnunun ucundakı qara, yumru xalını sıxıb maşın siqnalına bənzər qəribə səslər çıxartdı.
...Babası oturub əsnəyə-əsnəyə ona baxırdı... Sonra hardansa babasının, noxud boyda arvadı gəldi, atılıb babasının ovcuna qondu, dizi üstə oturan kişilərə əl-qol ata-ata civiltili səsiylə nə isə dedi.
Nənəsi danışıb qurtarandan sonra babasının qolu boyu yeriyib boğazına, ordan başına çıxdı, qulağına girib orda yox oldu.
Sonra nə oldusa, kişilər çönüb eləcə diz-dizi onun üstünə yeridilər.
...Qabaqda kirpi-kişi gəlirdi, aradabir yumaq kimi yığılıb kürəyindəki oxlardan ona atırdı. Oxlar başının, çiyninin üstündən vıyıltıyla uçub gedirdi.
...Çönüb biri uzun, o birisi qısa ayaqları ilə ləngər vura-vura ördək kimi qaçdı.
Arxadan babasının hirsli səsi gəlirdi. Babası içini çəkib "Bı-ıy?!".. - deyirdi.
Arxadakılar gəlib çatdılar, onu yerə yıxıb çığırda-çığırda tüklərini yoldular. Tüklərini yolduqca, çığırıb qaqqıldadı, sonra tüksüz, çılpaq bədəni ilə, yalın dalı ilə yanlarını basa-basa qaçdısa da, yekəburun kişilərin əlindən qurtara bilmədi. Onu yerə yıxıb ayaqlarını iplə sarıdılar, qollarını geriyə qarıb dilini çıxartdılar. Sonra bədəni qorxudan yığılıb açıla-açıla iti bıçağın soyuq tiyəsinin xirtdəyinə yeridiyini hiss elədi. Bıçaq damarları boyu sürüşdükcə noxud nənəsinin səsini eşitdi.
- Başını üstündə qoy... - nənəsi incə səsi ilə deyirdi -…elə gözəl olur...
Nənəsi danışa-danışa deyəsən, onu bişirmək üçün ocaq qalayırdı. Çırtaçırtla yanan çırpının iyi gəlirdi...
...Kişilərin əlindən bir təhər sivişib çıxdı, boğazından fəvvarə vuran qanında sürüşə-sürüşə, yarıkəsik başı çiynində laxlaya-laxlaya anasının yanına qaçdı.
...Anası yuxudan oyanıb uzanan yerdə gərnəşirdi, onun çiyninə düşən başına baxıb əsnəyirdi:
- Gəl, yıxıl yat... - deyirdi- sabah tezdən durmalıyıq...
Bir müddət beləcə, bircə damarından asılı başı anasının ayaqlarında, buludlu göyə baxa-baxa xırıldadı və susdu... Sonra meh əsdi. Əsib-əsib gücləndi...
…Yenə küləyin səsinin içi ilə hardansa uzaqdan adda-budda bayquş səsləri eşidilməyə başladı… İzdiham hardasa yaxında idi...
...Qışqırmaq istədisə də, səsi çıxmadı, səsin əvəzinə boğazından eybəcər xırıltı çıxdı. Xırıldaya-xırıldaya:
- Getmə, Hektor, getmə qanlı meydana!.. - deyib huşunu itirdi...
* * *
Onu da tabuta qoyub atası ilə yanaşı aparırdılar...
...Ana nənəsi belini əyə-əyə, arıq, sümüklü qollarını yellədə-yellədə hamıdan qabaqda gedirdi:
- Balam əldən gedir e...e... - deyib ağlayırdı, ya gülürdü, başa düşmək olmurdu.
...Sonra kimsə arxadan nənəsini itələyib üzü üstə yerə sərdi və izdiham ağır ayaqlarını sürüyə-sürüyə nənəsinin üstündən keçib getdi.
…Cənazəninin içində çöməlib onunla yanaşı izdihamın üstü ilə üzən atasının nəhəng üzünə baxdı. Atasının üzü ağır-ağır nəfəs alırdı, üzünün dərisi qalxıb-endikcə, alnının qırışları açılıb-yığıldıqca, güclə eşidilən həzin musiqi eşidilirdi. Atasının qırışları hansısa çoxdan eşitdiyi, qədim havanı çalırdı, çaldıqca yumulu gözlərinin kənarıyla iri damlalarla yaş axırdı. Axıb qulaqlarını islada-islada içəri süzülürdü…
...Dizi üstə sürünüb atasının cənazəsinə keçdi, başını qulağının pəncərə boyda qaranlıq dəliyinə salıb:
- U...u!!!. - dedi.
Səsi atasının qulağı içində əks-səda verdi. Kimsə qulağın lap dərinliyindən səsini uzada-uzada:
- Uhu-hu-hu!.. - deyib susdu.
Bir müddət gözlərini yora-yora içəri baxdısa da, heç nə görmədi. Hardasa qaranlığın qurtaracağında elə bil külək əsirdi, əsdikcə hansısa qapını cırıldadırdı...
Əvvəl bir ayağı ilə, sonra bütün bədəni ilə qulağın içinə girib durdu. Gözü qaranlığa öyrəşdikcə durduğu yerdən burula-burula, əyri-üyrü pillələrlə qaranlığın içinə aparan yollarla cırıltı səsi gələn səmtə getdi…
...Qulağın içi yumşaq idi deyə, elə bil döşəyin üstü ilə gedirdi, yol bir qədərdən sonra burulub yumru pillələrlə harasa yuxarı qalxırdı. Pillələri sürüşə-sürüşə, büdrəyə-büdrəyə çıxdı…
...Köhnə, rəngi getmiş qapı, küək vurduqca cırıltı ilə açılıb-bağlanırdı... İçəri girib dayandı.
...Cavan ata babası, babasının atası və atasının cavan anası, əlləri dizlərinin üstündə yuxarı başda yanaşı oturub dinməz-söyləməz ona baxırdılar. Atası uşaqlıq şəklindəki üzü ilə, səliqəylə yana daranmış qəhvəyi saçları ilə babasının qucağında oturmuşdu. Onların başı üstündən qalın çərçivədə iri şəkil asılmışdı. Şəkildə də həmin adamlar idi. Həmin geyimdə, həmin üzlərlə cərgə ilə oturmuşdular. Atası orda da həmin nimdaş gödəkçədəydi. Atası onu görüb babasının qucağından yerə düşdü, yaxınına gəlib dəyirmi üzü ilə aşağıdan-yuxarı ona baxdı, sonra yerə oturub hıqqana-hıqqana altı yeyilmiş balaca çəkmələrini ayağından çıxartdı, çəkmələri bir-bir onun ayağına geyindirdi, iplərini dişi ilə çəkib bağladı, sonra iməkləyib yerinə qayıtdı, dırmaşıb yenə babasının qucağında oturdu.
Sonra babaları əl eləyib onu da yanlarına çağırdılar, aralarında oturdub şəkil çəkdirdilər.
Sonra şəkilçəkən onların təzə şəklini divardan, bayaqkı şəklin altından asdı və o ürəyi sıxıla-sıxıla, baba-nənəsinin arasında özünün əvəzinə, əyriburun, qoca qarını gördü.
Barmağını şəklə qoyub eybəcər qarını göstərdi:
- Bu mənəm?.. - dedi.
Fotoqraf əsəbi üzlə:
- Yox, bəs mənəm?!. - dedi.
...Sonra atası yenə hıqqana-hıqqana babasının qucağından düşüb onun yanına gəldi, əlindən tutub çəkə-çəkə bayaq gəldiyi əyri-üyrü, sürüşkən yollarla onu işıq gələn səmtə apardı. Çıxışa çatıb ayaq saxladılar. Atası balaca əlini uzadıb yollar boyu qara, nəhəng ilan kimi qıvrılan izdihamı göstərdi, sonra gözlərini ova-ova, südəmər körpə çığırtısı ilə ağladı. Atasını hey ovutmağa çalışdısa da atası kirimək bilmədi...
...Əlacı kəsilib atasını qucağına aldı, özünü izdihamın içinə atıb adamları yara-yara qabağa qaçmağa başladı...
Qaçdıqca, hava qaraldı, axşam düşdü, küləklər əsdi, yağışlar yağdı, izdihamın ucu, sonu görünmədi... Qaçdıqca qara geyimli adamların cod paltarları, boyun-boğazına, qollarına çırpılıb dərisini siyirdi, yalın ayaqları iti çəkmələrin altında qalıb əzildi… Sonra yenə hardasa lap yaxında bayquş uladı... Ayaq saxlayıb tövşüyə-tövşüyə yan-yörəsinə baxdı...
...Hər tərəf qalın yarpaqlı sıx ağaclıq idi... Nəhəng ağaclar, kğlək vurduqca çiyin-çiyinə dəyirdilər, qara yarpaqlarını oynada-oynada yellənib bayquş səsi ilə ulayırdılar...
...Atasını hardasa əlindən salıb itirmişdi...
...Vahimədən ürəyi dayana-dayana üzünü nəhəng palıdın dibinə saldı, üzünü palıdın quru gövdəsinə sürtüb ağlaya-ağlaya kiməsə:
- Qorxuram... - dedi, sonra qulağını ağacın gövdəsinə sıxıb ürəyi əsə-əsə içinə qulaq asdı…
Palıdın içindən səs gəlmirdi. Aradabir lap dərinliyində elə bil nə isə xırçıldayıb sınırdı...
Başını qaldırıb yuxarı palıdın budaqlarına baxdı.
...Palıd çoxdan qurumuşdu... Yarpaqsız budaqları cansız zırpı kimi quruyub əyilmişdi. Budaqların arasından göyün bir parçası, bir də, yarısından da azı qalan əyri ay görünürdü. Bir də göyün lap dərinliyindən saysız-hesabsız adam səsləri gəlirdi...
Göy adamla dolu idi... Adamlar uğuldaya-uğuldaya nə isə danışırdılar, nə isə deyirdilər. Hamısı da acıqlı idi, elə bil deyinə-deyinə, uğultu ilə aşağı enirdilər, ona tərəf gəlirdilər…
Onlar uğuldadıqca göy ağırlaşıb pillə-pillə aşağı enirdi, elə bil enib göydələn ağacların başına çökürdü...
...Palıdın quru qabığını kərtənkələ kimi qaşıya-qaşıya gövdəsi boyu yuxarı dırmaşdı, özünü gövdənin ortasındakı qaranlıq, nəm oyuğa salıb nəfəsini saxladı, meşənin səsinə qulaq asdı...
…Oyuğun içi soyuq və nəm idi, göbələk iyi gəlirdi. Sonra oyuğun içində nə isə şıqqıldadı, kimsə alışqan yandırıb girdə gözləri ilə ona yaxından baxdı, sonra alışqanla kətilin üstündəki əyri şamı yandırdı…
...Balacaboy, çalsaç, cılız bir kişi idi, balaca, dişsiz ağzının üstündə qıvrılan burnunu tez-tez çəkə-çəkə, bir-birinə yaxın girdə, qonur gözləri ilə ona baxırdı… Balaca kişinin gözlərində təəccübdən, qorxudan savayı, bir də nə isə vardı elə bil... Onunla üzbəüz oturub astadan:
- Səni də gördülər?.. - dedi.
- Kim?..
Balaca kişi kibrit çöpünə oxşar xırda barmağını harasa yuxarı tuşlayıb:
- Onlar... - dedi.
Bədəni titrəyə-titrəyə:
- Hə... - dedi.
- Bura gələ bilmirlər... - kişi dedi - qorxma...
Sonra nə oldusa, balaca kişinin elə bil donu açıldı, gözləri yumşaldı:
- Acsan?.. - dedi.
- Hə...
Kişi qalxıb balaca ayaqları ilə oyuğun içində səssiz-səssiz o yan-bu yana getdi, aşağı, yarıqaranlıq küncdə nəyisə tərpətdi. Çox keçmədi ki, oyuğun içinə qəribə bişmiş iyi yayıldı, sonra qaynar xörəyin çırtıltısı eşidildi və cırtdan-kişi əli yana-yana, tarazlığını zorla saxlaya-saxlaya az qala özü boyda ağır tavanı gətirib kətilin üstünə qoydu, gözləri ilə gülüb:
- Ye... - dedi.
Bişmişin qəribə dadı vardı.
...Cırtdan-kişi üzbəüz oturub əlini çənəsinə vurdu, girdə gözləri ilə onun yeməyinə baxa-baxa başını sığalladı:
- Ata-anan hardadı?.. - dedi.
Tikə boğazına dirəndi, gözü doldu:
- Atam da, anam da ölüb... - dedi.
Cırtdan-kişinin də gözü doldu, qəhərdən dodaqları büzülə-büzülə:
- Qurba-a-an olum... - dedi - ağlama, ye.
Hiss elədi, qaşlarının altı göz yaşıyla doldu, yaş gözünə dolub, ordan yediyinin içinə töküldü.
Balaca kişinin də gözü dolub boşaldı, ağlayıb dodağı büzülə-büzülə:
- Qurba-a-an olum... - dedi. Sonra oyuğun qaranlıq küncünə gedib ordan rəngi solub bir-birinə qarışan şalaoxşar nə isə gətirdi, ona sarıyıb balaca əli ilə başını sığalladı, ağlamaqdan sulanan burnunu qolu ilə silib gülümsündü, göz vurub:
- Yat... - dedi - balaca qız, yat... Sabah gün çıxacaq, çoxlu göbələk bitəcək...
Sonra balaca kişi onunla üzbəüz oturdu, əlini çənəsinə vurub yenə:
- Qurba-an olum... - dedi.
...Şalın istisinə qızına-qızına, şama baxa-baxa yuxuya getdi... Yuxuda yenə adamla dolu göy aşağı enirdi... Adamlar yenə deyinirdilər, narazı səslərlə ondan danışıb uğuldayırdılar...
...Yuxudan dik atılıb ətrafına baxdı...
...Səhər açılmışdı. Oyuğun içi bomboş idi. Nə cırtdan-kişi vardı, nə kətil, nə tava...
Başını oyuqdan çıxarıb meşəyə baxdı. Meşə duman içindəydi... Ara-sıra quş səsləri eşidilirdi.
Çoxlu göbələk bitmişdi... İstədi qışqırıb cırtdan-kişini çağıra, yadına düşdü ki, adını bilmir. Odu ki, əlini ağzına qoyub cırtdan-kişi kimi səsini uzada-uzada:
- Qurba-a-an olum!.. - deyib çağırdı.
Səsi meşənin içi ilə əks-səda verib ağacların arasıyla gəzdi. Ağaclar yellənib yarpaqlarını tərpədə-tərpədə: - ...Qurba-a-an olum... - deyib meşəyə səs saldılar.
Üşüyüb oyuğun küncünə sıxıldı, çənəsini dizlərinə qoyub sakitcə ağladı.
Ağaclar da bir müddət yellənə-yellənə:
- ...Qurba-a-an olum... - deyə-deyə pıçıldadılar, sonra külək qalxdı. Hardansa uzaqlardan yenə o vahiməli uğultunun səsini gətirdi...
Başını oyuqdan çıxarıb dizləri əsə-əsə aşağı boylandı.
...Qara izdiham quru xəzəli tapdalaya-tapdalaya, meşəyə xışıltı sala-sala palıdın altından keçib gedirdi… külək əsdikcə cənazədə qara kostyumda uzanan atasının saçları dalğalanırdı...
Qara geyimli adamlar uzun üzləri ilə aşağıdan-yuxarı ona baxırdılar:
- Ayıbdır!.. Aşağı düsş!.. - deyirdilər.
...Oyuqdan çıxıb paltarı budaqlara ilişə-ilişə aşağı düşdü. Kimsə onu boynunun ardından izdihamın içinə itələdi:
- Allah biabır eləsin!.. - dedi.
Sonra uzun müddət bayquşlar ulaya-ulaya qara geyimli uzun adamların arasıyla, atasının cənazəsinin ardınca getdi...
...Yenə kimsə hardasa ağlayırdı… Səs gələn tərəfə getdi…
* * *
...Anası bələkdə idi, ağzında əmzik, girdə gözləriylə dinməz-söyləməz ona baxırdı...
Sonra nə oldusa, anası əmziyi tüpürüb göyərə-göyərə ağladı. Gəlib anasını qucağına aldı, əmziyi ağzına basıb yellədi. Anası sakitləşmədi, əmziyi tüpürüb nəfəsi itə-itə vığıldadı.
Tələm-tələsik köynəyinin düymələrini açdı, döşünü anasının ağlamaqdan soyuyan ağzına saldı. Anası döşünü acgöz-acgöz əmdikcə gözü qaraldı, başı hərləndi...
Sonra baxıb gördü anasının ağzının yanıyla qan sızır...
Döşünü anasının ağzından çəkdisə də, anası əl çəkmədi, əllərini bələkdən çıxarıb bərk-bərk onun qanı tökülən döşündən yapışdı.
...Anasıyla bir müddət nəfəsi kəsilə-kəsilə, bir-birinin üz-gözünü cıra-cıra əlləşdilərsə də, anasına gücü çatmadı. Döşü anasının ağzında, bədəninin qanı azala-azala gözü qaraldı... yuxuya getdi…
...Anasının zarıltısına oyandı.
Anası belini əyib arxası ona oturmuşdu, "Vay canım..." - deyib zarıyırdı.
Bədəni zəiflikdən əsə-əsə iməkləyib anasıyla üzbəüz durdu.
Anası sarı əlləriylə üfürlənib tarıma çəkilmiş qarnını qucaqlayıb oturmuşdu.
...Əlini anasının qarnına toxundurdu. Anasının qarnı düyün-düyün daş bağlamışdı.
Dizi üstə oturub anasının qarnını ovuşdurdu, içindəki daşları əli ilə yumşaltdı. Daşlar əriyib yumşaldıqca anası gözünü yumub:
- Oxxay... - dedi.
Sonra xalası gəldi. Kök bədənini yırğalayıb anası ilə üzbəüz bardaş qurdu, onunla bir anasının qarnını ovuşdurdu, xəmir kimi yoğurdu. Aradabir yanındakı ləyəndən un götürüb anasının qarnına səpdi, yoğurub girdə-girdə kündələr kəsdi, ətəyinə yığıb ayağa durdu, anasının bir nöqtəyə dikilən gözlərini bağlayıb üzünə ağ çəkdi, sakit səslə:
- Öldü... - dedi.
Sonra boynuna dağılan saçlarını unlu əlləriylə səliqəylə başına bərkidib, onun əlindən tutdu:
- Gedək... - dedi.
Anasını göstərib keyimiş ağzıyla:
- Bəs o?.. - dedi.
- O ölüb... - xalası soyuq səslə bir də dedi.
Əli xalasının əlində anasının çarpayısından uzaqlaşdıqca gördü ki, anası üzünə çəkilən ağ örtüyün ucunu qaldırıb bir gözü ilə onların ardınca baxır...
Xalasıgilin həyəti evləri ilə üzbəüz idi.
...Xalası onu həyətlərinə gətirib təndirin qırağına oturtdu, kündələrdən birini ona uzadıb:
- Al, oynat... - dedi, özünü təndirin böyründə yerə yıxıb kündə yaymağa başladı.
...Kündə ağappaq və yumşaq idi, əlinin içində əyilib-üyülürdü. Xəmirdən balaca adamlar düzəltdi, onları üzbəüz düzüb döyüşdürdü, sonra bezib hamısını təndirə atdı, əyilib xəmir adamların çırtaçırtla yanıb qaralmağına baxdı. Sonra kündələrdən bir-ikisini də çırpışdırıb daha yekə adamlar düzəltdi. Özlərini çimdikləyib onlara ağız-burun qayırdı, sonra başlarını əzib, qol-qıçlarını büküb təndirə atdı, təndirin qırağında atılıb düşə-düşə onların qaralıb kösöv olmağına baxdı.
...Bir azdan kündələr qurtarmışdı... Təndirin qırağında bircə kündəyə oxşayan xalası qalmışdı. O da arxası ona oturmuşdu deyə onun gözlərini görmürdü.
Barmaqlarının ucunda asta-asta yeriyib arxadan xalasına yaxınlaşdı. Xalası təndirin içinə əyilib çörək yapırdı deyə başı təndirdə, dalı yuxarıda idi.
...Çiynini xalasının dalına söykəyib itələdi...
Xalası başı üstə təndirə düşüb orda səssiz-səmirsiz, xəmir adamlarla bir yanıb qaraldı.
Xalasını yandırandan sonra hiss elədi ki, gözlərinə qan doldu, bəbəkləri də şıqqıldayıb böyüdü və o, bədəninə yığılıb gözlərinə dolan qanın dalından ətrafına baxdı, yandırmaq üçün yenə nə isə axtardı…
...Həyətdə bircə xalasının kündəyə oxşar gipgirdə, ağ pişiyi qalmışdı...
Gəlib pişiyin quyruğundan tutdu, hərləyib onu da təndirə atdı, təndirin qırağına çıxıb dırnağını çeynəyə-çeynəyə pişiyin yanmağına baxdı.
...Sonra əri gəldi, içəri girib sinəsinə baxa-baxa, gözləri böyüyə-böyüyə içini çəkdi:
- Bəs döşlərin hanı?.. - dedi.
...Sinəsinə baxıb qızardı. Döşlərinin əvəzinə sinəsindən büzüşmüş əlcəklər asılmışdı.
Əri nifrətlə əlcəklərə baxıb:
- Gör daha nə hoqqa çıxara bilərsən?!. - dedi, sonra iri addımlarla həyətdən çıxdı.
Ərinin arxasınca küçəyə çıxdı.
Əri maşınla dolu küçəylə gedirdi.
- Qayıt!.. - deyib ağladısa da, əri eşitmədi.
Atası da adamların arasındaydı, bir əli cibində, o biri əlini başının üstə yelləyə-yelləyə:
- Rəngdir bu dünyada hər şey!.. - deyə-deyə ona sarı gəlirdi.
Atasını sürüyüb həyətə gətirdi, ayaqlarından tutub nəfəsi kəsilə-kəsilə yuxarı dartıb çıxartdı, tövşüyə-tövşüyə qapılarının zəngini vurdu.
...Qapını anası açdı, onları əsəbi üzüylə süzüb təzədən örtdü və arxadan iki dəfə qıfılladı. Sonra qapını nə qədər döydüsə də, anası açmadı.
İçəridən pianino səsi gəlirdi. Anası pianinoda çalıb-oxuyurdu.
Atası pianinonun səsinə ayağa qalxıb qapını təpiklədi. Qapı axır ki, açıldı. Atası dəhlizə girib üzü üstə yerə yıxıldı, çiyinlərini tərpədə-tərpədə hönkür-hönkür ağladı.
Anası gəlib əllərini belinə vurdu, bir müddət beləcə, əlləri belində dayana-dayana yuxarıdan-aşağı atasına baxdı. Sonra nə fikirləşdisə, atasını xalça kimi bürmələyib ortadan iplə bağladı, aparıb divar şkafına soxdu, açarla iki-üç dəfə açarlayıb açarı cibinə qoydu.
...Atası divar şkafından hansı heyvanın səsi iləsə böyürürdü. Anası böyürtüyə əhəmiyyət vermədi, o biri otağa keçib orda yenə pianinoda çala-çala əsəbi səslə oxudu.
Gəlib anasıyla üzbəüz durdu, əlini uzadıb:
- Açarı ver... - dedi.
Anası əlini saxlayıb ona nifrətlə baxdı, sonra cibindən çıxartdığı açarı ona göstərib ağzına atdı və deyəsən uddu. Anasının ayağından tutub başıaşağı nə qədər çalxaladısa da, açar düşmədi.
Açarın əvəzinə anasının ağzından çeynənib əzilmiş məktub düşdü...
...Məktubu götürüb oxudu. Atasının xətti idi. Məktub bircə sözdən ibarət idi: "…Sevirəm..."
...Şkafın qapısını dişi ilə açdı.
Atası bağlama kimi bağlanıb xırıldayırdı. Bağlamanı ha o yan-bu yana çevirdisə də düyününü tapa bilmədi. Atası - başı qarnının üstə, ayaqları qulaqlarının altında xırıldaya-xırıldaya:
- Dəymə... - dedi - belə yaxşıdı...
Onda bükülü atasını qoltuğuna vurub həyətə düşdü. Uşaqlar onu görüb atıla-atıla gəldilər, dövrə vurub başına yığıldılar:
- Gəl "ortada qaldı" oynayaq, - dedilər, sonra cavab gözləmədən bağlamanı qoltuğundan çəkib çıxartdılar, çiləyə-çiləyə həyətin aşağı başına apardılar.
Uşaqların dalınca ha qaçdı, çata bilmədi. Uşaqlar dövrə vurub bükülü atasını bir-birinə atdılar. Ha o yana-bu yana qaçdı, atasını uşaqların əlindən ala bilmədi.
Yerə oturub ağladı. Ağlamağına məhəl qoyan olmadı. Uşaqlar çığırışa-çığırışa, aradabir onun başına, burnuna çırtma vura-vura, bükülü atasını bir-birinə ata-ata qaçıb getdilər.
Uşaqlar qaçanda atasının bağlamasından nə isə yerə düşüb həyət boyu diyirləndi.
Qalxıb diyirlənənin dalınca qaçdı, tutub ovcunda sıxdı. Ovcunu açanda ğrəyi qırıldı...
Atasının bəbəyi idi, gün dəydikcə buz qırığı kimi əriyib yumşalırdı, barmaqlarının arasıyla yerə damcılayırdı...
...Bir müddət həyətin ortasında, gün başına düyə-düyə oturub ağladı. Sonra oturmaqdan bezib üzü üstə uzandı. Anası yuxarıdan nə qədər çağırdısa da, başını qaldırıb baxmadı. Anası elə ordan - yuxarıdan yalvarıb onu yeməyə çağırdı, sonra çağırmaqdan yorulub içəri girdi və daha çıxmadı...
Hava get-gedə qaralırdı... Binanın pəncərələrində bir-bir işıqlar yanmağa başladı. Bircə onların pəncərəsində işıq yanmırdı. Dizini qucaqlayıb otura-otura həyətin ortasındakı meynəlikdə, nəm torpağın üstündə bir-bir yanan pəncərələrə baxdı.
Bir müddət beləcə oturub qaldı. Sonra yan-yörəsinə - kimsəsiz qaranlıq həyətə, qaranlıq pəncərələrinə baxıb vahimələndi. İstədi qalxıb evə gedə, ayağını torpaqdan çəkə bilmədi...
...Ayağı torpağın dibinə kök atmışdı, orda nəm meynə kökləri ilə hörülüb düyünləmişdi, dartanda harasınısa incidirdi.
Sonra bütün pəncərələrin işığı söndü, qaranlıq həyətə ay işığı düşdü və yan-yörəsindəki meynələr şaxələnib ilan kimi həyət boyu uzandılar. Uzanıb ətrafda nə vardısa hər şeyin boyun-boğazına sarıldılar... maşınların üstünə qalxıb, ağacların budaqlarına dolandılar, pişiklərin boğazında qıvrıldılar...
Sonra oturduğu yerdə hiss elədi ki, üzü də dartılır, bədəni gicişə-gicişə böyüyür, ayaqları, qolları, barmaqları uzana-uzana binaya sarı uzanır..
Uzana-uzana binaya sarmanıb pəncərələrin, eyvanların məhəccəri ilə üzüyuxarı sürünüb meynə budaqları ilə bir binaya sarıldı.
Ən yuxarı mərtəbəyə çatıb üzünü pəncərələrinə söykədi, içəri baxdı.
...İçəri otağın işığı yanırdı... Evləri adamla dolu idi. Tavandan çilçıraq əvəzinə atası asılmışdı, adamlar o yan-bu yana keçdikcə çiyinləri ilə atasına toxunub onu yellədirdilər...
Anası otağın ortasında oturub deyəsən düyü arıtlayırdı.
...Atası bir müddət beləcə tavandan asıla-asıla yelləndi, sonra nə oldusa, asılqan kökündən qırıldı, atası şarappıltıyla yerə dəyib inildədi.
Anası ayağa qalxıb əllərini döşlüyünə silə-silə atasını yerdən qaldırdı, stulun üstünə çıxıb onu əvvəlki yerindən asdı, sonra asılqanın möhkəmliyini yoxlayıb aşağı düşdü, yenə düyü arıtlamağa başladı.
...Atası tavandan asıla-asıla əllərini cibinə salıb bir müddət əsəbi-əsəbi yellənə-yellənə anasıyla yuxarıdan aşağı nə haqdasa mübahisə elədi. Sonra hirslənib eləcə tavandan asıla-asıla əl-qol atmağa başladı.
Onda anası qayışaoxşar nə idisə gətirib atasının ayaqlarını, qollarını, bərk-bərk bağladı, ağzına da nə isə tıxayıb təzədən yerinə oturdu.
Sonra adamlar gəlib atasını asılqandan açdılar, çabalayıb inildəməyinə məhəl qoymadan tabuta qoyub apardılar.
...Sonra o, binaya sarılan qol-qıçı ilə hiss elədi ki, adamlar atasının tabutunu onun qollarının üstü ilə aparırlar. İzdiham dairəsi boyu soyuq sürüşkən ilan kimi qıvrılıb üzüaşağı sürüşdü...
...Heysiz səsiylə:
- Ana... - deyib ağladı.
...İçəri otaqda hələ də düyü təmizləyən anası onun pəncərəyə dirənən üzünü görüb gəldi, pəncərəni açıb onu qucağına aldı, atıb tuta-tuta:
- Balam ağlamasın... - dedi, gətirib yarıqaranlıq otağın ortasında, xalçanın üstündə oturtdu.
...Atasını aparmamışdılar...
Atası başının üstündə, tavandan asılmışdı, ordan qanı çəkilmiş üzüylə ölü gözləriylə ona baxırdı...
...Balaca əlini uzadıb atasının ayağına toxundurdu. Atası tavanın asılqanını cırıldada-cırıldada yelləndi.
Anası da gəlib atasının ayağından tərpətdi, sonra qarnını basıb oyuncaq səsi çıxartdı.
...Atasının sarı, cansız üzünə baxıb ağladı. Onda anası atasını tavandan açıb aparıb o biri otaqdan asdı və atasının cırıltısı bir müddət də o biri otaqdan eşidildi...
...Ac idi deyə yerdən tapdığı qəzet parçasını ağzına basıb yedi.
Sonra böyük qardaşı gəldi. Qoltuğunda çoxlu qəzet gətirdi. Qəzetləri onun qabağına töküb burnuna çırtma vurdu:
- Ye... - dedi - təzə qəzetlərdi...
Sonra gülə-gülə əri gəldi, əlinə milçəköldürən verib gülə-gülə:
- Qır milçəkləri... - dedi və getdi.
...Bir neçə gün, bəlkə də bir neçə ay, gün çıxıb bata-bata, küləklər əsə-əsə, yağış damı döyəcləyə-döyəcləyə, əlində milçəköldürən evi dörd dolanıb milçəkləri qırdısa da, qırıb qurtara bilmədi, Milçəklərdən sonra bütün ev vızıldadı, evdə nə qədər çəngəl-bıçaq, iynə-sap vardısa, hamısı havaya qalxıb vızhavızla uçuşdular.
Onları xəkəndazla, sonra dişini qıcıya-qıcıya baltayla qırıb tökdü. Çəngəl-bıçaqdan sonra döşəklər qalxdı, balışlarla ötüşə-ötüşə evin ortasıyla uçub uğuldadılar. Döşəklərlə bacara bilmədi, atılıb çilçırağa mindi, çilçırağı yellədib özünü uçan döşəklərdən birinin üstünə saldı, evin ortasıyla dövrə vura-vura:
- Can, ay can!.. - deyib səsi gəldikcə qışqırdı.
Sonra kimsə aşağıdan sakit səslə onu çağırdı. Aşağı baxıb qayınanasıyla qayınatasını gördü. Evin ortasında, əllərində zənbil dayanıb aşağıdan-yuxarı ona baxırdılar, sakit səslə:
- Düş aşağı, bala... - deyirdilər.
Aşağı düşüb xəcalətdən qarala-qarala qayınatasıyla, qayınanasıyla üzbəüz oturdu. Qayınatası qırışlı üzüylə:
- Ayıbdı... - dedi, - döşəkdə yatarlar...
Qayınatasıyla, qayınanasıyla uzun müddət beləcə, hava qarala-qarala, külək pəncərələri döyəcləyə-döyəcləyə dinməz-söyləməz üzbəüz oturub qaldı. Otura-otura beli büküldü, dizlərinin üstünə qoyduğu əlləri qırış bağladı, gözləri dumanlandı.
Sonra qayınatasına baxa-baxa sinəsi xışıldaya-xışıldaya öskürdü. Qayınatası-qayınanası da ona baxıb öskürdülər. Sonra üçü də bir yerdə öskürə-öskürə bir-birinə baxdılar. Sonra qayınatasıyla qayınanası köməkləşib onu stuldan qaldırdılar, öskürə-öskürə gətirib çarpayıya uzatdılar, yanında oturub ona qaşıq-qaşıq su içirtdilər. Sonra su içirtməkdən bezib suyu boğazına vedrəylə tökdülər, nəfəsini kəsdilər.
Sonra əri gəldi, aşağı əyilib cavan üzüylə ona yaxından baxdı, əlini uzadıb gülümsəyə-gülümsəyə gözlərini bağladı...
Musiqiçilər də gəldi, başının üstündə dayanıb zurnanı cüyüldədə-cüyüldədə qəmli hava çaldılar. Qayınanası ayağa qalxıb isti dodaqlarıyla onun soyuq alnından öpdü, barmaqlarının ucunda yastı-yastı süzdü.
Sonra onu beləcə çarpayıqarışıq qaldırıb apardılar... Musiqiçilər də çarpayının ardınca gəldi, pillələri endikcə zurnanın səsi zilə qalxdı, mərtəbələrdə qapılar taybatay açıldı, qonşular ağlaşıb:
- Can bala... - dedilər - ...anan öləydi, bu gününü görməyəydi...
...Heysiz başını yastıqdan zorla qaldırıb yazıq-yazıq:
- ...Atam da, anam da ölüb... yetiməm... - dedi.
Onda mərtəbələr bir-birinə qarışıb ağlaşdı, binadan göyə göynərtili bir inilti qalxdı. İnilti pillələr boyu əks-səda verib şəhərə yayıldı...
...Çarpayının üstə, üstü güllərlə dolu, izdihamlı küçələrlə getdikcə bütün şəhər ağlaşdı... uzun-uzun binaların pəncərələrindən üstünə uzun-uzun güllər atdılar... Üstündəki gül dağı ağırlaşmışdı deyə çiyinlərdə aparmağa gücləri çatmadı, yerə qoyub sürüdülər, gətirib ağ tavanlı, ağ divarlı böyük otağa saldılar, yuxarıdan-aşağı ağzıbağlı üzlərlə ona baxdılar, üzünə işıq salıb:
- Qorxma daha... Hər şey qurtardı... - dedilər.
Sonra ona ağ bələyin içindən qara sakit gözləriylə harasa uzaqlara baxan uşağı göstərib:
- Qızın oldu... - dedilər. Sonra uşağı yanına qoyub getdilər.
Uşaq qaramtıl göy rəngdə idi, gözlərini qırpa-qırpa uzanıb tavana baxırdı... Sonra başını ona çevirib göy üzüylə, xırıltılı, tanış səslə:
- Necəsən?.. - dedi, sonra elə bələkdəcə qalxıb yanında, onunla üzbəüz oturdu, əllərini bələkdən çıxarıb çənəsinə vurdu, diqqətlə onun üzünə baxdı:
- Görürəm, pissən... - dedi, - yaman pissən...
Sonra gözü yol çəkə-çəkə:
- Elə mən də pisəm... - dedi, sonra gözünü qıyıb:
- ...Lap pisəm... - dedi.
Sonra balaca əlləriylə bələyi açıb yarıq qarnını, sinəsini göstərdi. Qırmızı ürəyinin bir tərəfi qara idi.
...Uşaq bir müddət yarıq qarnı ilə oturub ona baxdı, sonra balaca, iti barmaqlarını içalatına ilişdirib qanatdı, ürəyinin qırmızı tərəfini deşdi, mirvari bağırsaqlarını qırıb muncuq kimi yerə səpdi, sonra qanlı barmağıyla onun alnına iki zolaq çəkdi... Sonra qanlı zolağın birini də öz alnına çəkib dayandı, batıq səsiylə:
- Deyəsən düz olmadı... - dedi.
Sonra gözləri bərələ qalan həkimlər gəldi, uşağı qanlı bələyinə büküb uyuldaya-uyuldaya harasa apardılar...
Çox keçmədi ki, uşağın qalın xırıltılı səsi hardansa o biri otaqlardan eşidildi. Uşaq səsi tutula-tutula:
- ...Pisəm... Lap pisəm... - deyib ağlayırdı...
* * *
Uşağın səsindən gözü qaraldı… elə bil ürəyi getdi… Ya bəlkə öldü?..
Axır nə oldusa, bir müddət qaranlıq, havasız torun izində çabaladı.
...Sonra başını qaldırıb yuxarı baxdı. Nəhəng alma ağacı idi... Ağacın, alma dolu budaqları əsim-əsim əsirdi, almaları yerə səpirdi... Sonra gözü, ağacın sıx budaqları arasında dayanan cavan, gümrah atasına sataşdı. Atası ağacın lap zirvəsindəydi, budaqları silkələyə-silkələyə ona baxıb gülümsəyirdi...
Sonra atası əlini saxlayıb niyəsə astadan:
- Yuxarı çıx... - dedi.
...Ağacın gövdəsini, pilləkəni çıxan kimi birnəfəsə dırmaşıb atasıyla üzbəüz oturdu.
Atası tələbəlik şəkillərində geydiyi dama-dama köynəyindəydi. Başı ülgüclə qırxılmışdı, köynəyinin nimdaş yaxalığından arıq boynu görünürdü...
Atası budaqdan alma dərib çəhrayı ovuclarında sıxa-sıxa iki yerə böldü, yarısını ona uzadıb:
- Ye... - dedi.
Almadan dişləyib yedikcə gözləri doldu. Atası ağlamağını görməsin deyə, üzünü yana çevirdi.
...Alma tikəsi atasının boğazında qaldı, çuxura düşən qonur gözləri irilə-irilə:
- Pissən... - dedi - ...Görürəm, pissən...
Atası bunu deyib fikrə getdi.
- Bizsiz qala bilmirsən, bala... - dedi.
Sonra elə bil kimsə lap yuxarıdan atasını çağırdı. Atası yuxarı qanrılıb nə isə dedi, o, eşitmədi, sonra axırı buludlarda itən budaq boyu üzüyuxarı dırmaşdı.
- Ata!.. - deyib qışqırdısa da, atası onu eşitmədi, üzüyuxarı dırmaşıb bir qədərdən sonra yarpaqların içində görünməz oldu. Aradabir hardansa lap yuxarıdan həyəcanlı səsi eşidilirdi.
- Hər şey belədi… Pisdi, ya yaxşıdı, bunu bilmək olmur…
Əlindəki yarımçıq almanı yerə atıb əl-qolu iti budaqlara ilişə-ilişə yuxarı dırmaşdı.
Budağın üstü ilə sürünə-sürünə hey yuxarı baxdısa da, atasını görmədi. Atası haradasa lap yuxarıda, buludların o üzündə idi...
Külək qalxırdı... Budağa sarılıb dizləri əsə-əsə aşağı baxdı. Həyətləri görünmürdü... Üzünü yuxarı tutub səsi gəldikcə:
- Ata!.. - deyib çağırdı - Bəs mən!.. Ata!..
Atasından səs-səmir yox idi...
Külək budağı vahiməli-vahiməli cırıldada-cırıldada tərpədirdi.
...Külək bir də, bu dəfə lap bərk əsdi, onu budaqdan qoparıb harasa aşağı atdı... və o ağacın harasınasa ilişib gözünü yumdu, ürəyi dayana-dayana havadan asılı qaldı. Onun çığırtısına hardansa anası gəldi, ağacın altında durub dizlərinə çırpa-çırpa:
- Belə də müsibət olar, ay camaat!.. - deyib ağladı. - Bu uşağın günahı nəydi axı?!..
Sonra içini çəkə-çəkə yuxarı baxıb mehriban səslə:
- Düş aşağı, qızım... Ağıllı balam... Düş yerə... Ağıllı ol... - dedi.
Əri də gəldi. Əri üççarxlı velosipeddə, yerə səpilən almaları yara-yara gəldi. Gəlib anasıyla yanaşı durdu, əlini belinə vurub ciddi üzüylə yuxarı baxa-baxa:
- Bu nə hərəkətdi-?!.. - dedi. - Özünü gicliyə vurmusan?!..
...Budaqdan asıla-asıla çiyinlərini çəkib:
- Gicliyə niyə?!.. - dedi.
- Düş aşağı dedilər sənə!.. - əri çığırdı.
Nə qədər o yan - bu yana vurnuxub qurcalandısa da, budaqdan qopa bilmədi. Çönüb gördü paltarının budağa ilişən hissəsi yarpaqlayıb. Budaqdan asıla-asıla əllərini arxasında çarpazladı, başını aşağı saldı.
Əri şalvarının balaqlarını çırmalayıb onu budaqdan qopartmaq üçün ağacın gövdəsinə sarıldısa da, gövdənin quru qabığını ovub tökməkdən savayı əlindən bir iş gəlmədi, aşağıdan-yuxarı ona baxıb pərt səslə:
- Adam ol da!.. - dedi.
Sonra hardansa iri, paslı mişar tapıb gətirdi, ağacı harasındansa mişarlamağa başladı.
Mişarın əyri-üyrü dişləri ağacın gövdəsinə yeridikcə qolları ağrıdı, ayaqları tutuldu... budaqdan qopub yerə - yaşıl almaların arasına düşdü, yer boyu dığırlanıb iki-üç almaya dəyib durdu.
...Əri mişarı atıb yaxına gəldi, anasıyla bir aşağı əyilib boyunlarını uzada-uzada, gözlərini qıya-qıya onu almaların arasında bir xeyli axtardılar...
Əri əvvəl ona, sonra yanındakı almalara baxıb:
- Nə bilək indi bu hansıdı?!.. - dedi.
Anası çiyinlərini çəkdi, gözünü qıyıb onu ayrı almaların içində axtarırdı...
Əri lap üstündəydi, qırmızı gözlərini qırpa-qırpa, tez-tez:
- Di bəsdi də... adam ol da... - deyirdi.
Anası dizi üstə düşüb almaları bir-bir əlinə götürdü, sığallaya-sığallaya:
- Düz deyir bala, adam ol... - dedi.
...Nəfəsini içinə çəkib, burnunu yerə söykəyib tərpənmədi.
Əri dikəlib əsəbi-əsəbi:
- Dəliylə bir quyuya düşmədik?!. - dedi və iri addımlarla velosipedinə minib, siqnal verə-verə almaları dığırladıb bir-birinə vura-vura çıxıb getdi.
Anası çöməlib iki addım aralıda oturdu, gözü almalarda yazıq-yazıq:
- Bala, heç olmasa anana yazığın gəlsin... - dedi.
Anası bir müddət beləcə dizi üstə oturub almalardan danışdı, ağladı, sonra qalxıb yorğun addımlarla harasa getdi...
...Uzun müddət beləcə, bir yığın almanın arasında külək başındakı cüt yarpağı yelləyə-yelləyə qaldı...
Sonra hardansa bağça uşaqları qazıb gəldi. Gəlib almaları ciblərinə, qucaqlarına yığdılar, hərəsindən bir-iki dişdəm qopardıb qartopu kimi bir-birinə atdılar.
Onu yerdən balacaboy, girdəbaş oğlan götürdü, bir müddət yumşaq, isti ovuclarında o yan-bu yana hərləyib qara gözlərini döydü, iyləyib onu yanağına sürtdü, üzünü sığalladı. Sonra ovcunun içində atıb tuta-tuta özü ilə bağçaya apardı. Nahardan sonra da onu dişləmədi, eləcə ovcunun içində o yan-bu yana hərlədib baxdı, iylədi, yanağına sürtdü.
Günorta bütün uşaqlar soyunub yerlərinə girdilər, yorğanın altında xırçaxırçla almaları yedilər.
Girdəbaş oğlansa uzanıb onu balışının yanına qoydu, barmağını onun alnında, burnunda gəzdirib heyran gözləriylə düz gözünə baxdı, beləcə xumarlanıb yatdı. Onu da sakitlikdən yuxu basdı...
...Yuxuda yenə ağacdaydı... Yenə budaqdan asılmışdı... Yenə ağacı mişarlayırdılar, sonra gövdəsindən tutub bərk-bərk silkələyirdilər...
...Gözünü açıb dik atıldı... Zərqələm müəllimə onu, çiynindən tərpədə-tərpədə silkələyirdi.
- Ölmüsən?..
...Qalxıb çarpayının içində oturdu. Uşaqlar çoxdan durmuşdu, ətrafına yığışıb ona baxa-baxa gülürdülər, barmaqlarını ona uzadıb:
- Ölü!.. Ölü!.. - deyirdilər.
Girdəbaş oğlan da uşaqların arasındaydı, barmağı ağzında, təəccüblü gözlərlə ona baxırdı...
...Dama-dama şal paltarını dəmir çarpayının başından çıxarıb yuxudan keyimiş başına keçirdi, qollarını içinə salıb:
- Ölü özünüzsüz... - dedi, sonra döşəyin altında gizlətdiyi corablarını tapıb geyindi.
...Zərqələm müəllimə qapının yanındaydı, üzü uşaqlara dayanıb əl çala-çala:
- Sıraya düzülün!.. - dedi, sonra əllərini belinə vurub qabağa-dala əyilib qalxa-qalxa:
- İdmana başladıq!.. - deyib tullanmağa başladı. - Bir-iki! Bir-iki!..
Müəllimə tullandıqca nəhəng qarnı atılıb-düşürdü, döşləri ağır toplar kimi bir-birinə dəyib çalxalanırdı, döşəmənin taxtaları müəllimənin kök ayaqları altında laxlayıb elə cırıldayırdı, elə bil bu dəqiqə kətan parça kimi ortadan iki bölünüb cırılacaqdı.
Uşaqlar da əllərini belinə vurub Zərqələm müəllimə kimi yerlərində atılmağa başladılar. Sonra Zərqələm müəllimə daha hündürə tullanmağa başladı. Saçları tullanmaqdan pırpızlaşıb bir qarış yuxarı qalxdı, gözlərinin qarası irildi və Zərqələm müəllimə daha hündürə tullanmağa, başı az qala tavana dəyə-dəyə hoppanıb:
- Yuxarı, bir az da yuxarı!.. - deyib dəli kimi gülməyə başladı.
Uşaqlar da Zərqələm müəlliməyə baxıb get-gedə daha hündürə tullana-tullana dəli bir gülüşlə gülüşdülər...
Bircə girdəbaş oğlan hündürə hoppana bilmirdi, əllərini belinə vurub, aradabir çiynindən sürüşüb düşən aşırmasını düzəldə-düzəldə sərçə kimi yerində atılıb düşürdü.
Zərqələm müəllimənin gözü girdəbaş oğlana sataşdı, qaşları çatıldı, üzü əyilə-əyilə ayağa qalxıb nəhəng addımlarla uşağın üstünə yeridi:
- Bu necə hoppanmaqdı?!.. - dedi.
Girdəbaş gözü müəllimədə rəngi ağara-ağara bədənini yığıb var gücü ilə özünü ha yuxarı atdısa da əvvəlkindən hündürə atıla bilmədi.
Onda Zərqələm müəllimə dişini qıcıyıb girdəbaş oğlanın qulağından yapışdı, onu, açarı buran kimi, üç dəfə burdu.
Oğlan pişik balası kimi miyoldayıb susdu, dizi üstə düşüb iməkləyə-iməkləyə çarpayıların arasıyla süründü, divarın dibinə qısılıb dizlərini qucaqladı, qulağını ova-ova ağladı...
...Atılıb Zərqələm müəllimənin çiyninə qondu, dişlərini qulağına keçirib gücü gəldikcə sıxdı.
Müəllimə ha çığırıb onu qulağından qopartmaq istədisə də, alınmadı, müəllimə qulağı onun ağzında bir müddət ulaya-ulaya bağçanın yarıqaranlıq dəhlizi boyu o yan-bu yana qaçdı...
...Onu Zərqələm müəllimənin qulağından kəlbətinlə çəkib çıxartdılar. Sonra da həmin kəlbətinlə müəllimənin qulağını ehmalca onun ağzından çəkib çıxartdılar.
Sonra kim idisə tanımadı, gülümsər üzüylə ona yaxınlaşıb əlindən tutdu, başını sığallaya-sığallaya bağçanın içi ilə apardı, əlinə narıncı-yaşıl kağızlı konfet verib çöl qapısını açdı, həmin gülümsər üzüylə onu həyətə ötürdü.
Əlində konfet həyətə çıxıb dayandı...
O çıxan kimi arxadan qapını tələm-tələsik bağladılar, üç-dörd dəfə açarlayıb deyəsən o üzdən qıfıl da asdılar.
Müəllimlər, uşaqlarla birgə bağçanın xırda, dördkünc pəncərələrinin şüşələrinə dirənib rəngləri avazıyan üzləriylə ona hardansa yuxarıdan baxırdılar... Girdəbaş oğlan da uşaqların arasındaydı, ona baxa-baxa səssiz-səssiz ağlayırdı...
...Əvvəl qapını yumruğuyla döydü, sonra təpiklə döyəclədi. Sonra atılıb pəncərənin məhəccərinə çıxdı, üzünü pəncərəyə dirəyib içəri baxdı. Pəncərənin o üzündəkilər hürküb geri çəkildilər.
Onda yerə düşüb bağçanın ucu-bucağı görünməyən nəhəng həyəti ilə ayaqlarını hikkəylə yerə vura-vura tək-tənha getdi...
...Getdikcə həyət qurtarmırdı. Bağçanın balaca binası artıq arxada qalmışdı...
...Hava qaraldıqca ucu-sonu görünməyən həyət adamaoxşar ağaclarla dolurdu. Ağaclardan bəzisi itə, o birisi filə oxşayırdı. Çoxlu dəvə ağaclar da vardı, boyunlarını uzada-uzada, yırğalana-yırğalana zəncir kimi yan-yörəsində dalğalanırdılar...
...Ağaclar çoxaldıqca heyvan səsləri çıxardırdılar. Biri keçi kimi mələyirdi, o biri çaqqal kimi ulayırdı...
...Arxada nə isə xırçıldadı… Elə bil kimsə ağır ayağıyla quru budağı əzdi. Geriyə çönmədən qaçmağa başladı. Qaçdıqca ağacların quru budaqları üzünə, çiyinlərinə dəyib bədənini cızıq-cızıq elədi.
Sonra elə qaçdığı yerdə uzun ağaclardan birinin budağı qoluna sarılıb onu yerində laxlatdı...
Başını qaldırıb gördü babasıdı, qolundan tutub buxağını yellədə-yellədə, dəqiqədəbir:
- Xeyr!.. - deyirdi.
...Babası tək deyildi. Uzun sifətli, qara geyimli adamların arasındaydı. Adamlar belləri bükülə-bükülə atasının cənazəsini aparırdılar.
Dodağı büzülə-büzülə:
- Atam hanı?.. - dedi.
Babası əyilib ona gözünü ağartdı, barmağı ilə bəbəyini göstərib:
- Gözümün içində!.. - dedi.
Barmaqlarının ucuna qalxıb babasının qonur bəbəyinə baxdı, qəhvəyi gödəkçəsində bəbəyin içində oturub ona qəmli-qəmli ona baxdı, körpə atasını gördü…
...İzdiham bir qədər də gedib dayandı.
...Atasının cənazəsini yolun ortasına qoydular. Qara geyimli adamlar cənazənin ətrafında dövrə vurub ona yol verdilər, hüznlü üzlərlə üzünə baxdılar.
O, cənazəylə üzbəüz hündür stulun üstünə çıxıb, əllərini arxasında çarpazladı.
Hardasa gur işıqlı projektorları yandırdılar.
Projektorların işığından üzü yığıla-yığıla, dili ağzında böyüyə-böyüyə:
- Afrika Yer kürəsinin ekvatorunda yerləşir... - dedi və dediyi sözdən pörtüb qaraldı.
Atası haqqında deyəcəyi bütün sözlər yadından çıxmışdı... Yadında qalan bircə şey vardısa, o da mavi xəritənin aşağı hissəsində nə vaxtsa gördüyü sarı rəngli armudaoxşar Afrikaydı...
- Afrikada ucsuz-bucaqsız savannalar, Cunqli meşəsi var...
O, danışdıqca camaat əl çaldı, sonra atasının qara çərçivədə böyüdülən şəklini qucağına verib:
- Danış... - dedilər.
O da bir əlində atasının şəkli, o biri əlində göstərici danışdı. Göstəricini atasının burnuna qoyub:
- Bu, atamın burnudu... - dedi.
Hamı əl çaldı.
- Bu qulaqlarıdı...
Sonra onu əlində şəkil yerə düşürüb cənazənin qabağınca apardılar və o adam dolu küçələrlə gedə-gedə:
- Bu, atamın gözüdü... Bu, bığlarıdı... - dedi.
O danışdıqca camaat içini çəkib:
- Can-can... - dedi.
Sonra şəkli ondan alıb bir-birinə göstərə-göstərə:
- Bu, burnudu... bu qulaqlarıdı... - dedilər.
Şəkli əlbəəl bir-birinə ötürdülər. Şəkil əldən-ələ gəzməkdən əzilib-üzüldü, atasının üzü çirklənib qaraldı, burnu əyildi.
Şəkli qoltuğuna vurub evə gəldi. Anası kiməsə telefonda:
- Yoxdu, ölüb... - dedi və dəstəyi asdı.
Hamama keçib orda şəkli iri ləyəndə, sabunlu suda yuyub çəngələdi, sonra sıxıb zivəyə sərdi. Tələm-tələsik ütünü qızdırıb şəkli ehtiyatla ütülədi, aparıb divardan asdı.
Atası, şəkil yuyulandan sonra əlini çənəsinə vurmuşdu. Qara kostyumunun altından görünən qolçağı yuyulub-ütülənəndən sonra ağappaq olmuşdu.
Gəlib atasının ağappaq qolçağını iylədi. Qolçaqdan qar iyi gəlirdi...
Sonra gətirib üz şəklini atasının şəklinin yanından asdı. Sonra babasının, nənəsinin, xalasının, bibilərinin, dayılarının, ulu baba-nənələrinin şəkillərini tapıb yan-yana, alt-üst asıb bütün divarları doldurdu, döşəməyə dözə-dözə dəhlizə çıxdı, çöl qapısını açıb şəkilləri pillələrə, daş-divara vura-vura aşağı düşdü, sonra şəkilləri həyətin ortasına düzdü. Anası pəncərəyə çıxıb onu çağırdı, əsəbi səsiylə:
- Bu nə gündü evi qoydun?! Gəl, necə töküşdürmüsən, elə də yığışdır... - dedi.
Şəkillərin qalanını çantasına yığıb bir ayağı üstə atıla-atıla məktəbə qaçdı. Orda onları yazı taxtasında yanbayan düzüb əlində göstərici danışmağa başladı.
- Bu, nənəmdi... bu, nənəmin bacısıdı... bu, onun bibisi oğludu... bu, bibisi oğlunun uşağıdı...
O danışdıqca botanika müəllimi Zəhra müəllimə əllərini arxasında çarpazlayıb partaların arasıyla gəzişə-gəzişə, acıqlı gözləriylə ona baxa-baxa:
- Bibisi uşağı yox, bibisinin nəvəsi!.. - dedi.
- Bu mənim babamdı... bu, babamın atasıdı... bu, onun o biri oğludu...
Sonra birdən Zəhra müəllimə getdiyi yerdə çöndü, cibindən kal armudu çıxarıb qaşlarını yuxarı qaldıra-qaldıra:
- Bəs bu kimdi? - dedi.
Uşaqlar barmaqlarını ona sarı uzadıb bir ağızdan:
- Bu, odu!.. - dedilər.
- Düzdü... - Zəhra müəllimə deyib armudu taqqıltıyla stolun üstünə qoydu. - Ona görə neynəmək lazımdır?..
Uşaqlar bir ağızdan:
- Günə qoyub yetişdirmək!
- Düzdü... - Zəhra müəllimə deyib yerinə oturdu, nəhəng döşlərini növbə ilə qaldırıb stolun üstünə yan-yana qoydu, sonra əllərini döşlərinin üstünə qoydu, sonra döşlərinin üstünə fincan-nəlbəki qoydu və çay töküb buğlana-buğlana içə-içə:
- Di aparın... - dedi.
Uşaqlar cumub onun əl-qolunu burdular, qucaqlarına alıb qışqırışa-qışqırışa məktəbin dəhlizi boyu qaçdılar. Gətirib quru meyvələrlə, cücülərlə dolu botanika otağına, pəncərənin qabağında günün altına qoyub getdilər və o, uzun müddət gün başına düyə-düyə pəncərənin qabağında şişib sulana-sulana qaldı...
...Sonra hava qaraldı, dəhlizdən uşaqların səs-küyü kəsildi və o, çənəsi qarnına dirənə-dirənə əsnəyib böyrü üstə uzandı.
...Qaranlıq dğşdğkcə pəncərənin şüşəsi əsib cingildədi. Sonra külək şəffaf üzü ilə, dağınıq saçlarıyla pəncərəyə dirənib bir müddət ona baxdı, sonra eləcə üzü pəncərədə saçı yerə-göyə çırpıla-çırpıla, ulayıb ağladı. Ya yağış yağdı?!. Pəncərəni düyə-düyə yağıb onun yuxusunu qaçırdı və o, başını qaldırıb pəncərənin o üzündən çox-çox uzaqda, şəhərin dağüstü məhəllələrində, minlərlə köhnə qəbirlərin arasında qaralan təzə, qara qəbirin səsini eşitdi...
...Anası idi, zəif xəstə səsiylə orda həzin-həzin layla oxuyurdu... Arada səsi tükənirdi, kəsilirdi, sonra yenə qırıq-qırıq eşidilirdi...
Sonra anası oxumağını kəsib bir xeyli havasızlıqdan boğula-boğula, qəbrin içində vurnuxdu, qəbrin cod divarlarını qaşıyıb tökdü, ağır bədəniylə çırpınıb yeri-göyü titrətdi...
...Onda o, elə yerində uzana-uzana anasının bir-bir, dən-dən qəbrin içinə düşüb cingildəyən saçlarının səsini eşitdi...
Anasının saçı tökülürdü...
Anasının saçı töküldügkcə onun başının dibi gizildəyirdi, saçları bir-bir yerindən qopub döşəməyə töküldü...
...Pəncərədən düşüb əvvəl sürünə-sürünə, sonra iməkləyə-iməkləyə anasının yanına getdi...
...Yağış keçəl başına düyə-düyə, ayaqları bir-birinə dolaşa-dolaşa uzun-uzadı qaranlıq küçələrlə getdi...
...Qəbiristanlığa yaxınlaşdıqca anasının səsi aydın eşidilməyə başlayırdı. Anası daha oxumurdu, nəfəsi təngiyə-təngiyə dırnağıyla qəbirin divarlarını sökürdü.
...Qəbirə çatıb durdu. Anasının başdaşına həkk olunmuş üzünü yağış yuyub aparmışdı deyə, anasının əvəzinə başdaşıdan ona üzsüz qadın baxırdı…
Hardansa torpağın lap dərinliyindən anasının heysiz səsi gəlirdi:
- Pisəm!.. - anası xırıldayırdı - lap pisə...əm...
Çöməlib qəbirin böyründən torpağı eşməyə başladı. Sonra dizi üstə düşüb yeri ikiəlli qazdı. Bir qədər qazdıqdan sonra torpağın içindən anasının bir şüşəsi çatlaq eynəyi çıxdı. Sonra belinə sarıdığı dama-dama yun şalı, sırğasının bir tayı, sonra ət maşını, bir neçə düymə, anasının güllü qulaqbalışı, çəkmə tayları, yun corab, iki kəfkir və qol saatı çıxdı və daha heç nə çıxmadı.
Bir müddət adamboyu qazdığı qəbirin içində, əlində kəfkir yağış başına düyə-düyə oturub qaldı.
...Anasının səsi hardansa lap aşağıdan gəlirdi. Anası, deyəsən, son nəfəsiylə zarıyıb susdu. Sonra elə aşağıdan nəfəsi kəsilə-kəsilə nə isə pıçıldadı. Yerə uzanıb qulağını torpağa dirədi. Torpaq isti və yumşaq idi. Anası lap qulağının dibində pıçıldayırdı:
- Səni çox istəyirəm... lap çox...
Üzünü torpağa sürtüb ağlaya-ağlaya:
- Sənsiz darıxıram... - dedi.
Anası səsini kəsmişdi, nəfəsini saxlayıb ona qulaq asırdı.
...Dizi üstə qalxıb heysiz əlləri ilə, dırnaqları cırıla-cırıla yenə torpağı qazdı.
...Yağış kəsmək bilmirdi. Hava deyəsən açılırdı. Qəbirin sonu, dibi görünmürdü.
...Başını qaldırıb yuxarı baxdı. Yuxarıdan, kimlər idisə tanıya bilmədi, qəbirin izinə boylanıb ona baxırdılar.
Baxanlar bir müddət beləcə - qaranlıqdan görünməyən üzləriylə yuxarıdan-aşağı ona baxdılar, ağızlarının içində bir-birinə nə isə dedilər, sonra çəkilib getdilər. Palçığın içində şappıldayan addım səsləri də bir müddət eşidildi və yox oldu.
Anası hələ də yerin o üzündə yanıqlı pıçıltıyla pıçıldayırdı.
- Səni istəyirəm... - deyirdi.
Heysiz qol-qıçı ilə torpağa uzanıb anasının get-gedə yaxınlaşan səsinə qulaq asdı.
- Səni istəyirəm... - anası pıçıldadı. - Çox istəyirəm, lap çox... Bilirəm incidirəm səni... Amma söz verirəm, daha eləmərəm...
...Anasının bu sözündən sonra göy guruldadı, sonra şimşək çaxdı... Şimşək elə bil onun beynində çaxdı... və o başa düşdü bayaqdan bəri qulağının dibində pıçıldayan kimdi...
...Çönüb nifrətlə yanında uzanan ərinə baxdı. Əri əlini uzadıb yenə pıçıltıyla:
- Gəl yanıma... - dedi.
Yenə şimşək çaxdı və ərinin gözləri gecənin qaranlığında xəstə parıltıyla yanıb söndü. Sonra ərinin gözləri bir də yandı və daha sönmədi. Əri həmin o parıldayan gözləriylə sürünüb yoğun ilan kimi ona sarıldı...
...Ərinin qolları arasında əzilə-əzilə, anası hardasa aşağıda qəbrini eşib onları yırğalaya-yırğalaya, külək, şəffaf üzü ilə pəncərədən ona baxıb ağlaya-ağlaya:
- Məni xilas elə, ilahi!.. - deyib susdu.
...Sonra işıq yandı.
Qabaq cərgədə oturan adamlar ona sarı çönüb əsəbilikdən saralan üzlərlə bir müddət ona baxdılar, sonra bir-birinə baxıb başlarını yelləyə-yelləyə:
- Ayıbdır! - dedilər.
Ayağa qalxıb qızara-qızara başını aşağı saldı, dırnaqlarını didişdirib altına dolan torpağı çıxartdı.
- Bu tərbiyəsiz səhnələrlə nə demək istəyirsiniz?..
Bunu qalın kəkili alnının üstə çəpəki dayanan girdəsifət qadın dedi. Başını əsdirə-əsdirə danışıb nifrətlə onu başdan-ayağa süzdü.
- Özünüz də guya qadınsınız!..
- Buyurun səhnəyə!.. - dedilər.
Cərgələrin arasıyla yeriyib səhnəyə qalxdı.
- Di başlayın...
Bunu qabaq cərgədə oturan eynəkli kök kişi dedi.
Bədəni həyəcandan soyuq tər basa-basa köynəyini soyundu. Bütün zal içini çəkib başını yellədi:
- Biabırçılıqdı... - dedilər...
- Bu nə boyundu?!..
- Bu uzunluqda da qıç olar?..
Çəpəki kəkilli qadın ayağa qalxıb:
- Belələrini tonqalda yandırmaq lazımdır ki, gələcək nəsillərə dərs olsun!.. - dedi və dabanlarını döşəməyə vurub dağ-divarı əsdirə-əsdirə zaldan çıxdı.
O birilər də başlarını yelləyə-yelləyə, "ayıbdır!", "yandırmaq lazımdı!.." - deyə-deyə zaldan çıxdılar.
Arxalarınca baxıb gördü gedənlərin hamısının qıçı gödəkdi.
...Qəhər boğazını tuta-tuta, ayaqqabısının bir tayını çıxarıb gedənlərə atdı. Ayaqqabı arıq, cılız kişiyə dəyib onu böyrü üstə yıxdı. Kişi yıxılıb yanındakına, yanındakı o birisinə, o birisi bu birisinə dəydi və gödəkqıç adamlar domino daşları kimi sırayla yerə sərildilər...
Sonra qalın bığlı, qoca qarovulçu gəldi, onları bir-bir səliqəylə domino qutusuna yığıb cibinə qoydu, ona baxıb öskürə-öskürə:
- ...Anan zəng eləmişdi, - dedi - yenə uşaqların ağlayır...
...Sonra qarovulçunun köhnə, tozlu çəkmələrinin səsi uzun müddət kimsəsiz, yarıqaranlıq dəhlizdə əks-səda verdi və itdi...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
воскресенье, 22 июля 2007 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий