İBN ƏL ƏRƏBİ – QÜDRƏTLİ ŞEYX
«Günahlıya və naqisə mən acıqlı görünə bilərəm.
Saf qəlblilər üçünsə mərhəmətliyəm mən…»
Mirzə Xan Ənsari
Dünya fəlsəfəsinə, müqəddəs sufilik yoluna qədəm qoyduğu andan bu günümüzəcən «Qüdrətli Şeyx» adlandırılan böyük sufi İbn əl-Ərəbi varlığı və bəşəriyyətə miras qoyub getdiyi əsərləri ilə istər müsəlman aləminə, istərsə də xristian dünyasına ən güclü metafizik təsir göstərənlərdən biri olub.
İbn əl-Ərəbi, bu günəcən ərəblər arasında ən səxavətli adam hesab edilən Hətim ət Tayinin nəslindəndir. O, 1164-cü ildə Mürsiyədə doğulan zaman İspaniya, artıq 400 ildən artıq idi ki, ərəb sülalələrinin hakimiyyəti altında idi. Onun, bəzi tarixi mənbələrdə «əndaluz» adlandırılmağının bir səbəbi də, doğulduğu bu yerlərin o dövrlərdəki coğrafi vəziyyəti ilə əlaqədardır.
Cəsarətlə demək olar ki, yaşadığı dövrdə İbn əl-Ərəbi nəyinki İspaniyanın, yaxud Ərəbistanın, ümumiyyətlə, bütün dövlətlərin tanınmış simaları arasında qüdrətlilərin ən qüdrətlisi olub.
Bir çox ədəbi məxəzlərə əsasən belə hesab edilir ki, o, dünyaya, məhəbbət poeziyasının misilsiz nümunələrini bəxş edib. Əsərlərinin daxili gücü və şəxsi həyat nümunəsi ilə ortodoksal ilahiyyatçılara, Ərəbi qədər təsir edən ikinci bir sufi olmayıb.
Həyatının otuz ilə yaxın bir müddətini Ərəbi Sevilyada yaşayıb və bu illər ərzində, incə poeziyası və gözəl natiqlik qabiliyyəti ilə özünə nəyinki İspaniyada, həmçinin o dövrlər mədəni həyatın mərkəzi sayılan Mərakeşdə də böyük nüfuz qazanıb.
Hansısa mənada İbn əl-Ərəbi, digər böyük sufi Əl Qəzali ilə oxşardırlar. Ərəbi də, Əl Qəzəli kimi, sufi ailəsində dünyaya göz açıb, o da Qəzali kimi, seçdiyi həyat yolu ilə qərb düşüncəsinə təsir göstərməyə çalışıb. O da müsəlman dininin parlaq bilicisi olub. Lakin Əl Qəzali, sufizmə ilk əvvəl, ilahiyyat elmi ilə məşğul olduqdan, sonradan bu elmin, onun daxili ehtiyaclarını ödəmək iqtidarında olmadığı səbəbindən və artıq şöhrətinin zirvəsində ikən müraciət edibsə, əl-Ərəbi, insanlarla və poeziya ilə münasibətlərini bilavasitə sufizmin əsasında qurub.
Əl Qəzali, sufiliyi İslamla barışdıraraq, ilahiyatçılara, sufiliyin küfr yox, etiqadın daxili mənası olduğunu sübut edib. İbn əl-Ərəbinin missiyası isə – sufi ədəbiyyatını yaratmaq və bu ədəbiyyatın öyrənilməsinə, tədris edilməsinə maraq oyatmaq olub. Ərəbinin fikrincə, sufi ruhunun duyulmasında insanlara, öz mövcudluqları, davranış və fəaliyyətlərinin sufi baxışlarında açılmasına həmin bu ədəbiyyat kömək etməli idi.
İbn əl-Ərəbinin bir sıra bəyənatlarının həqiqi mənasının izahı. insanda sarsıdıcı təssüratlar yaradır. «Müdriklik səddləri» əsərində o, yazır ki, Allahı, hər hansı qeyri-maddi sima formasında görməyə çalışmaq lazım deyil:
«…Allahın qadında görülməsi – bu görümün ən kamil həddidir…».
Ərəbi, həmçinin, dinə aidiyyatı olan hər bir şeyi hərfi səviyyədə təhlil etməyə öyrəşmiş ilahiyyatçılara müraciət edərək, mələklərin, insan xislətində, onun bədən üzvlərində olan qüvvələr olduğunu birbaşa deyir. Sufiliyin məqsədi isə – həmin bu qüvvələrin, insan mahiyyətində fəallaşdırılmasından ibarətdi.
İspaniyalı sufi – qadın Fatimə bint Valiyənin rəhbərliyi altında təhsil alan İbn əl-Ərəbi şəksiz ki, sufilərin, uzun illər üzərində işləyib kamilləşdirdikləri xüsusi psixoloji hallara çatırdı. Bu barədə o, dəfələrlə öz əsərlərində də qeyd edir. Beləcə, Ərəbinin də bəzi əsərləri, məhz həmin bu trans vəziyyətində yazıldığından, onların mənası İbn əl-Ərəbinin özünə, yalnız əsər üzərində iş başa çatdıqdan bir xeyli sonra aydın olurdu.
Ərəbinin ilham qaynağı – xəyallar idi. Buna baxmayaraq, onun şüuru, həmin bu xəyallar aləmində öz sayıqlığını bircə anlığa belə itirmirdi. O, öz unikal sufi qabiliyyətlərindən istifadə edərək, intellektinin ən gizli dərinlikləri ilə, bizə tanış olan bu dünyanın bütün görünən hadisələrini müəyyənləşdirən ən adi reallıqlar arasında əlaqə yarada bilirdi.
Onun əsərləri, insanların əksər hissəsinə bəlli olmayan və çoxları tərəfindən fövqəltəbiilik kimi qəbul olunan, bu qabiliyyətlərin şamil edilməsinin vacibliyini vurğulayır.
Ərəbi yazırdı: «İnsan öz fikirlərini, yuxuda da nəzarəti altında saxlamalıdı. Bu sayaq sayıqlığın inkişaf etdirilməsi, insana, aralıq dünyalarla – fövqəldünyalarla tanış olmaq imkanı yaradacaq və ona faydalı olacaq. Bu fövqəladə qiymətli qabiliyyəti qazanmaqdan ötrü isə, hər bir kəsin, öz üzərində səylə işləməsi gərəkdir».
Bütün sufilər kimi, İbn əl-Ərəbi də Məhəmmədi kamil insan idealı hesab edirdi. Bu yerdə, mütləq konteksdə «Mühəmməd» sözünün mənasının dəqiqləşdirilməsi vacibdir. İbn əl-Ərəbi bu barədə, digərlərindən daha açıq danışır.
Məhəmməd barədə iki rəvayət mövcuddur. Rəvayətlərdən biri, Məkkədə və Mədinədə yaşamış insanı nəzərdə tutur, digəri isə – əbədi Məhəmmədi. Ərəbi, məhz ikinci Məhəmməd barədə danışır, Məhəmmədi bütün peyğəmbərlərlə, həmçinin İsa peyğəmbərlə eyniləşdirir. Digər sufilərin dediyinə görə də, öz daxili dünyasında müəyyən funksiyaları həyata keçirən o biri peyğəmbərlər də, hansısa mənada eyni bir adam olmuşlar. Onlar bu eyniliyi, ərəb dilində «Həqiqət əl-Mühəmmədiyə» - («Məhəmmədin reallığı») adlandırır və bu adı müxtəlif dövrlərin və zümrələrin insanları sırasına şamil edirlər.
İbn əl-Ərəbini bütün sufilər sevib və sevir. Onun hədsiz çox ardıcılları olub və onlar bu gün də var. Ərəbi, kifayət qədər ibrətamiz həyat yaşadı və bununla bərabər, öz varlığı ilə formal cəmiyyətə, şübhəsiz ki, təhlükə olaraq qaldı.
Əl Qəzali kimi, İbn əl-Ərəbi də, öz müasirlərindən çox-çox üstün intelektual qabiliyyətlərə malik idi. Lakin bu qabiliyyətlərindən istifadə edib, ilahiyyat sferasında özünə yüksək mövqe qazanmaq əvəzinə, Ərəbi də o biri sufilər kimi, belə bir bəyanat verdi: «Əgər insan, güclü intelektə malikdirsə, o, bu intelektin əsas vəzifəsinin, həmin bu intelektuallığın, insanı hansısa ayrı tərəfə keçirməsi üçün ilkin pillə olduğunu dərk etməlidir...»
Ərəbinin yaşadığı dövrdə də, indiki kimi, çox az qisim adam anlayırdı ki, eyni bir hadisə, yaxud fakt eyni zamanda müxtəlif əhəmiyyətlər kəsb edə bilər.
Məsələn, ən yaxşı halda adi insan, «gözəl qadının, ilahinin sənət əsəri» olduğunu anlaya bilər. Lakin o, bu qadının gözəlliyi ilə, İlahiyyatın eyni bir şey olduğunu anlamaq etmək iqtidarında deyil. Sufi baxışları ilə, görünən reallığa əsaslananların baxışları arasında yaranan ziddiyyətlərin məğzi də məhz bundadır. Məhz bunun nəticəsində İbn əl-Ərəbinin məşhur «Arzular təsnifatı» əsəri zahirən erotik poeziya təsiri bağışlayırsa da, sufilər, bu əsərin o biri tərəflərini görürdülər.
Tanış terminalogiyanı tətbiq edərək, İbn əl-Ərəbi sübut edirdi ki, görünən nə varsa, həqiqi ola bilər və insan sevgisinin fiziki qüvvəyə malik olduğu üzə çıxar. Lakin əslində, bu üzdə görünənlərin, həqiqi reallığın örtüyü, yaxud bu reallığa əlavə olmaqdan savayı ayrı bir qüvvəsi yoxdur.
Əsil reallıq isə məhz həmin o gizli reallıqdır ki, bu reallıq formal olanlardan kənarda, onların fövqündə yerləşər.
Qəlbim mənim – qəlibdir.
Kilsədir kahin üçün,
Dua ayinlər üçün.
Bütpərəst üçün məbəd.
Möminlər üçün Kəbə.
Quran, İncil vərəqi…
Gətirər ruhu təbə
Nə gözəl səadətdir?!..
Ha yana çönsəm də mən,
İnamım – məhəbbətdir!
Romantik təbiətli insan, bu böyük Şeyxin, «məhəbbət» dediyini, təbii ki, məlum insan məhəbbəti kimi qəbul edəcək. Sufilər üçün isə, bu «məlum məhəbbət», Ərəbinin dediyi, həmin o «məhəbbət» deyilənin yalnız bir üzüdü. O üzü ki, heç zaman adi insan, onun səddlərini aşıb, o biri üzünə keçmək müəyəssər olmur…
İBN ƏRƏBİ
ALLAHI AXTARANLARA MƏSLƏHƏT
MƏKKƏ AÇIQLAMALARI (ƏL FÜTUHƏT ƏL MƏKKİYYƏ)
Öz biliyini istifadə etməyən arif kəsi görsən, o kəslə mərifətlə dolan, (1) onun biliyindən özün istifadə et ki, qazandığının müqabilində o kəsə borcunu qaytara biləsən. O səbəbdən ki, bilən odu və qoy o kəsin (bilənin) halı, səni yolundan yayındırmasın. Axı öz əməlinə görə onun da, Allahın yanında öz pilləsi (dərəcəsi) var.
Bil ki, Qiyamət günündə hər kəs, öz sevdiyi ilə birgə çağırılacaq. (2) Hər kim ki, bu yer dünyasında İlahinin xüsusiyyətlərdən mənimsəyəcək, (3) o kəs, Onun (Allah) tərəfindən Qiyamət günündə də həmin o mənimsədiyi ilə çağırılacaq və Onda (Allahda) (4) doğulacaq.
Hər hansı bir işi görmək istəyərkən, onu düşündüyün kimi ki, Allaha nə cür xoş gedər, Allah nəyi sevər, o cür gör və o işə ürəklə giriş. Əgər sən özünü, həmin bu işlərdə, Allahın sevgisinə susamış halınla bəzəyərsənsə, Allah səni sevər və sevərək, sənə, Özünü tanıtmaq (5) səadətini bəxş edər. Onda O səni, öz səxavəti ilə – Özünü sənə biruzə verməklə mükafatlandırar və sınaqlarda sakitləşdirər. Allahınsa sevdikləri isə kifayət qədər çoxdu və indi mən, öz imkanımın və anladığımın müqabilində, onlardan bəzilərini sənə, öyüd və məsləhət şəklində deyəcəyəm.
Beləliklə, çalış, Allahın qarşısında gözəl ol. Allahın qarşında gözəl olmaq (təcəmmül) özü-özlüyündə müstəsna, müstəqil bir ibadətdir. Ələlxüsus da dualar vaxtı. Bu, Hamıdan Ucanın Öz hökmüdür:
«Ey Adəm övladı! [Allahın qarşısında] diz çökərkən gözəl ol...» (6)
Ayrı bir yerdə O (Allah) bəndəsini ittiham edərək, deyir:
«De ki, Allahın, öz bəndələri üçün yaratdığı gözəl [nemətlərə] və yaşamaları üçün təmiz, halal imkanlara kim qadağa qoydu? De ki, burda – Yer dünyasında, bu imkanlar yalnız möminlərə verildi və Qiyamət Günü də, yalnız onlara veriləcək. Bilən kəslərə, əlamətləri Biz belə izah edirik...» (7)
Bu və digər bu kimi izahları sən özün Quranda tapacaqsan.
Allahın gözəlliyi ilə (zinət əl-lah) dünyanın gözəlliyi (zinət əl-həyat əd-dünya) arasında bir fərq var – məqsəd (qəsd) və niyyət (niyyə) fərqi. Gözəlliyin özü isə, elə həmindir (əyn əz-zina), ayrısı deyil.
Və deməli, niyyət – hər bir şeyin canıdır. Odu ki, hər kəsə öz niyyətinə görə verilər.
Deyək ki, (son) Axır kimi baxılan Hicr [daim] özü özlüyündə, olduğu kimi, dəyişməz qalır (vahid ət əl-əyn). Lakin, kim ki, Allaha və Onun rəsuluna can atar, o kəsin yolu məhz Onlara aparar. O kəs ki, öz yer həyatını abadlaşdırmağa meyllənər, yaxud istədiyi qadını özünə arvad eləməyə çalışar, əslində o da ayrı bir şeyə yox, məhz həmin o yola meyllənər. (8) Əs-Səhihdə [hədisdə] də bu barədə deyilir. İmama and içdiyinə görə, Qiyamət Günü Allahın dindirməyəcəyi, günahları bağışlanmayacaq, ağır iztirablara düçar olacaq üç kişi haqqında deyilib. Belə ki, bu üç kişidən biri, öz fani arzularına görə imama and içir, yer dünyasının tamahlarını qane edənəcən, andına sadiq qalır, qane olmadıqda isə, andını pozur. (9)
Beləliklə, əməllər niyyətlərə görə [qiymətləndirilər] və bu, müsəlman etiqadının əsas dayaqlarından biridir. Əs-Səhihdə deyilir ki, bir kəs, Allahın rəsuluna (Allah onu şad eləsin!) deyir:
«Ey Allahın rəsulu! Mən davamlı, yaraşıqlı ayaqqabını və gözəl libası çox sevirəm.»
Onun bu sözünə Allahın rəsulu (Allah onu şad eləsin!) belə cavab verir:
«Allah Özü gözəldir, gözəlliyi də sevər...» (11)
Bu sözlərin mənası budur: Allah – Onun qarşısında gözəl olana yaxındır.
Məhz bu səbəbdən, Uca Tanrı Cəbrayılı onun (Məhəmmədin) yanına Dihyanın simasında göndərdi. Dihya, öz dövrünün insanları arasında ən gözəli idi. Deyilənə görə, Dihyanın gözəlliyi o qüdrətdə idi ki, hansı şəhərə girsəydi, onu görən boylu qadınlar uşaqlarını salardılar. Onun gözəlliyi məxluqat aləminə belə təsir edərdi. Cəbrayılı öz rəsulunun (Allah onu şad eləsin!) yanına, onu, onda [olandan] agah etməkdən ötrü göndərən Uca Allah bununla sanki:
«Mənimlə sənin aranda, Məhəmməd, yalnız gözəl sima dayana bilər...» – dedi.
Allah qarşısında gözəl olmayanın isə, (bu barədə biz artıq demişik), Allah tərəfindən həmin o xüsusi sevgini qazanmağı mümkünsüzdür. Allahın xüsusi sevgisini qazanmayan kəs – Allahın ona verdiklərinə də sahib ola bilməz: o kəs bilik (ilahi bilik) almaz, üzə çıxmaz, bərəkət və nemət sahibi olmaz, səadət məkanına yetməz (13), bu dünyada da, öz davranışı və şahidliyi ilə (14) Ruhun şahidliyinə və mənalar üzrə biliklərə layiq olanlar sırasına qalxmaz. (15). Bütün bunlara o halda sahib olmaq mümkün olar ki, bəndə biz deyən kimi, yalnız Allahın qarşısında gözəl olmaq niyyətində olsun, daha yer dünaysının fanilik köpüyündən – lovğalıq və şan-şöhrətindən, o birilərinin qarşısında öyünməkdən ötrü yox.
Sonra: hər hansı sınağa düşərsənsə, (17) Allaha tapın. Çünki O, Onun rəsulu (Allah onu şad eləsin!) demişkən, Ona ürəkdən tapınanları sevər. Allah özü də bu barədə deyir:
«...ölümlə həyatı yaratdım ki, kimin daha saleh olduğunu müəyyən edim...» (18)
Ayrı sözlə, Allah, insanı sınaqlara salaraq, onun əslini müəyyənləşdirər ki, bilsin: həqiqətənmi, o kəs, sözdə görünməyə çalışdığı kimidi:
«Bu, sənə verilən sınaqdan savayı ayrı bir şey deyil: həmin o sınaqla Sən kimi istəyirsən, azdırırsan», yəni çaşdırırsan, «kimi də istəyirsən doğru yola aparırsan» (19), yəni ona, həmin o sınaqdan çıxış yolunu göstərirsən.
Bil ki, sınaqların ən çətini, tamahların ən şövqlüsü – qadınlar, var-dövlət, uşaqlar və hakimiyyətdi.
Onda ki, Allah, Öz bəndələrindən hansınasa bu nemətlərdən birini, yaxud hamısını birdən verər və həmin bəndə Allahın, onu, bu nemətlərlə sınadığının səbəbini anlayaraq, başını onlara qatmadan, bu nemətlərin Allahın Özü tərəfindən ona göndərildiyini anlayar və yalnız Ona (Allaha) üz tutar, bu halda sınaqlar bəndəni Hamıdan Ucaya sarı aparar.
Ucaldıqca, o kəs, bu nemətlərin, həqiqətən Hamıdan Ucanın göndərdiyi nemətlər olduğunu anlayar və minnətdarlıq hissləriylə dolar.
Bu barədə İbn Məcca da öz əs – Sünnənində (20) deyir. O, Allahın rəsulunun (Allah onu şah eləsin!) sözlərini misal gətirərək belə deyir:
«Günlərin bir günü Allah, Musaya (ruhu şah olsun!) deyir:
Ey Musa! Mənə qarşı minnətdarlıqla dol!»
Musa soruşur:
«İlahi! Əsil minnətdarlıq nə olandı?»
Onun bu sualına Allah belə cavab verir:
«Əgər görsən ki, Mən, yalnız nemətlər göndərirəm, bil ki, əsil minnətdarlıq budu.»
Allah, Öz rəsulu Məhəmmədin (Allah onu şad eləsin!) bütün keçmiş və gələcək günahlarından keçərək ona:
«...ondan ötrü ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın...» (21) – deyəndə, peyğəmbər, yorğunluq və istirahət bilmədən, ayaqları şişənəcən ayaq üstə qalaraq, Hamıdan Ucaya minnətdarlıq duaları oxuyur. Onun bu halını görüb acıyanların: «Özünə yazığın gəlmirmi?» – sualına isə, Allahın rəsulu (Allah onu şad eləsin!) belə cavab verir:
«Həmin o qədirbilən, mən deyiləmmi?» (22) Axı o, Hamıdan Ucanın: «Allaha itaət et ki, qədirbilənlər sırasında olasan...» (23) – dediyindən agah idi?!..
Və əgər bəndə, öz Himayədarına qarşı minnətdarlıq hissi ilə dolmazsa, o, yalnız qədirbilənlərə məlum olan həmin o müstəsna İlahi məhəbbətdən kənarda qalar.
Bu barədə Hamıdan Uca Allah belə deyir:
«Amma bəndələrimdən çox az qismi qədirbiləndi...» (24)
Həmin bu ilahi məhəbbəti qazanmayan bəndə, Allah barədə biliyə də sahib ola bilməz. Allah ona görünməz, ona öz nemətlərini bəxş etməz və o kəsə, Böyük Sınaq günündə xüsusi görüm və mərhəmət əta edilməz. Axı Allah sevgisinin hər hansı bir təzahürü, insana, hansısa məxsusi bilik, ruhi dirçəliş, maddi və mənəvi rifah gətirər. Həmin bu səbəbdən də, bu nemətlərdən qazanan hər bir kəs, o birilərdən fərqlənər.
Əgər bəndəyə sınaq, qadınlarla göndərilərsə, bu halda o, Allaha, həmin o nəfsdən də tapınmalıdır. Bu qadınları sevərək o, anlamalıdır ki, əslində bütöv olan, öz hissəsini sevir... bu hissəsinə qarşı incə meyl duyur. Beləliklə, [qadınları sevərək] əslində o, özü-özünü sevir... O səbəbdən ki, qadın, əzəldən, kişidən – onun qabırğasından yaradılıb. Odu ki, qoy qadın, həmin o kəs üçün Allahın yaratdığı Kamil İnsan təcəssümü olsun. Əslində bu, Allahın, Özünü ona güzgüdəki əksi kimi təqdim etdiyi quruluşudu. Və o halda ki, güzgüyə baxan kəs, orda özündən olan nəyisə görər, o, həmin bu obrazda, ilk növbədə, ayrı bir kimi isə yox, özü-özünü görər... Odu ki, kim ki, ehtirasla sevdiyi qadına bütün varlığıyla can atarkən, bu qadında özünü görər, o kəs bilsin ki, həmin o qadında gördüyü, onun öz obrazı və quruluşudur. Sənsə, artıq bilirsən ki, bu quruluş – Allahın Özünün bu quruluşudu ki, quruluşu o, Özünə uyğun yaradıb.
Beləliklə, bəndə, həmin o sevdiyi qadında ayrı nə isə yox, məhz Allahı görər. Lakin, Onu, (Allah) bu qadınla bədən təmasında, sevgi ehtiraslarında taparsa, belə olan halda, həmin qadında o, öz həqiqi məhvini (25) tapar və iki bənzər eynilik bir-birinə qovuşan tək, o da o qadında əriyər. (26) Məhz ona görə o, həmin qadında öz məhvini tapar ki, hər toxuması ilə həmin o qadına hopar, bütün varlığı ilə bu sevgi cəryanına qoşular. Məhz bu səbəbdən, o, bütün varlığı ilə öz oxşarında məhv olar, bu hüdudsuz məhəbbət qaynağında yoxa çıxar...
«Mən – ehtirasdan közərən kəsəm. Şövqlə sevdiyim bu kəs – Mən Özüməm...» – deyər.
Bu mərhələyə çatan bir qisim isə:
«Həqq – mənəm!..» (27) – deyər.
Beləliklə, əgər sən kimisə bu sayaq sevgiylə sevərsənsə və əgər Allah, sənə o kəsdə, biz deyəni tapmağa imkan verərsə, bil ki, O, (Allah) səni sevir və bu sınaq, səni həqiqətə aparacaq.
Qadınları, bir də bu cür sevmək olar. Qadınlar səbr və yaranış oyuğudurlar. (28) Onlardan, hər nəsildə yeni-yeni məxluqlar və canlılar yaranar. Və şübhə yoxdu ki, dünyanı mövcudsuzluq halında götürəndə, Allah, bu dünyanın məxluqatını tək bir ona görə sevdi ki, onlar, səbrin və dözümün oyuğuna çevrildilər. Və onda O, (Allah) Öz hökmünü verib onlara:
«Ol!» – dedi və onlar oldular (29).
Beləliklə, onlardan Onun, (mülk) Şahlığı aşkar oldu. Burda yaradılan məxluqat, Allahın ilahiliyinin qiymətini verdi və budur, Allahın varlığı anlandı. (30) Bu məxluqat (31) Hamıdan Uca Allaha, öz anlayışları ilə, Onun mahiyyətinə uyğun bütün adlarıyla sitayiş etdilər, bu adların mənası onlara məlum olsa da, olmasa da.
Mahiyyəti isə bu idi ki, Allahın elə bir adı yoxidi ki, o adla bəndə, öz zahirinə və daxilinə uyğun olan nə isə tapmasın. (32) Adlar barədə duada da, Allahın rəsulu (Allah onu şad eləsin!) məhz bunu nəzərdə tutur.
«...ya o adlar barədə biliyi gizli saxlayıb, mənasını tək bir Özün bildin, ya da olsun ki, bunu Öz məxluqatından kimlərsə anlatdın...» (33)
Və bəndələr həmin bu biliklə də qalan insanlardan fərqləndilər. İnsanda – həm onun zahiri quruluşunda, həm də halında o qədər sirrlər var ki, bu sirrlər barədə o özü bilməz. Allaha isə, onda (insanda) olan bütün sirrlər məlumdu.
Odu ki, əgər sən qadını, biz dediyimiz şəkildə sevərsənsə, ona olan sevgin səni Allaha çatdırar. Onda sən də bu sınaqda şəfqət taparsan. Qadına olan sevginlə Allaha tapındığından, Onun sevgisinə toxunarsan.
Əgər biz görsək ki, kimsə öz sevgisiylə yalnız bir qadına bağlanıb, (hərçənd ki, bizim dediyimizi istənilən qadında tapmaq mümkündü) onda bil ki, bu hal, bu iki insanın xüsusi ruhi vəziyyəti ilə əlaqədardır: demək onlar belə yaradılıb, onların təbiəti və ruhu belədi. Bu cür bağlılılıqlar (34) müəyyən müddətə olur, bəzən də əbədi olur. Daha doğrusu, belə bağlılığa ölüm son qoyur, bağlılıq özü isə sönmür. Peyğəmbərin (Allah onu şad eləsin!) Ayişəyə məhəbbəti də belə bağlılıq idi.
Məsələ bundadı ki, insan ruhunda kifayət qədər Allahın gizlin saxladığı sirrlər var:
«...yoxsa ki, Göylərdə və Yerdə olan gizlim aşkar edən, gizlədiklərimizi də bilən, tapdıqlarımızdan da agah olan Allaha itaət etməzdilər...» (38).
Yəni, sizlərdə görünən olanlardan da, sizlərdən xəbərsiz, qəlblərinizin dərinliklərində gizlədilənlərdən də...
Allah, daim bəndəsinin ruhunda, onun özünün xəbərsiz olduğu sirrləri üzə çıxarar. Həkim canındakı xəstəlikdən xəbərsiz olan xəstəyə baxanda, onun xəstəliyini görən kimi, Allah da öz məxluqatının qəlbinin dərinliklərində gizlədilənlərdən xəbərdardır. Məgər bilmirsən, peyğəmbər (Allah onu şad eləsin!) deyib ki: «Özünü tanıyan Allahını tanıyar»? (39)
Lakin hər kəs öz qəlbini tanımaz. Hərçənd ki, bu qəlb, əslində – onun özüdü ki, var.
Beləliklə, Allah daim insan qəlbindən, orda gizlədilənlərdən üzə çıxarar, bunları gördükcə, insan öz qəlbi barədə əvvəllər bilmədiklərini anlamağa başlayar. Odu ki, bir çoxları deyir ki:
«Möminlərin qəlbindən, ən axırda Ağasına (Allaha) olan sevgisi çıxar...»
Bu sevgi qəlbdən çıxarkən aşkar olar və həmin kəslər, ilahiyyatı sevməyə başlayar. Lakin bu sevgi, adi insan sevgisinə bənzəməz. Onlar, Onu (Allahı) o səbəbdən sevər ki, Onu (Allahı), Allahın dili ilə desək, öz gözləri və qulaqları (həmçinin digər qüvvələri və bədən üzvləri) ilə duyar. (40)
Onlar o səbəbdən görə bu halı keçirərlər ki, ibadəti də Allaha görə sevərlər. Axı onlar bilirlər ki, Allah, bu dünyadan əzəl olub, bütün yaradılanlarsa, Onun quludu. Və nə aşkarda, nə də qalan bütün mənalarda, qulsuz ağa yoxdu. (41)
Ağa öz qulunu ali məhəbbətlə sevər. Axı Onun da ağalığının subutu-onun quludu.
Şah üçün Şahlıqdan qiymətli olanı yoxdu! Onun Şah olduğuna sübut isə Şahlıqdır.
«Ən axırda, möminlərin qəlbindən ilahiyyata olan sevgisi çıxar...» – ifadəsini də onlar məhz bu cür anlayar. Bu, o deməkdi ki, onlar, bu sevgini yalnız duyuqdan sonra Onu (42) dərk edərlər. Ayrı halda, bu sevgi onları tərk edər və onlar daha ilahiyyatı sevməzlər. Axı ilahiyyatı sevmədən, onu nə anlamaq, nə də hiss etmək mümkündü. Allahın yaratdıqlarının məzmunu və mahiyyəti də məhz budu. Peyğəmbər (Allah onu şad eləsin!) bu barədə demişkən:
«Allah, Adəmi öz simasında yaratdı...» (Hərçənd ki, bu ifadəni müxtəlif cür izah edirlər.) (43)
Beləliklə, bunu bil və yadında saxla. Bil ki, hakimiyyət özünü, dediyi sözün icrasıyla təsdiq edər. Onun (Allahın) sözü kimi, tez və deyildiyi an icra olunanı yoxdur.
«O nə istəyərsə, ona tək bir: «Ol!» - deməyi kifayət edər və o, olar.» (44)
Odu ki, bil: canı və qanıyla Allahın olan bəndənin səlahiyyəti çox böyükdür. (45) Belə bəndə, dəyişmədən, özü olaraq qaldıqca, bunu özü də hiss edər, görər ki, o – Allahın Yer üzündə təcəssümüdür və anlayar ki, bu, misilsiz bir bənzəyişdir (46). O bəndə – ağadır. Hamıdan Qüdrətli, Böyük Allah isə, müstəsna Ağadır. Beləcə də, Həqiqi – Yeganədir. (47)
Üçüncü, var-dövlət barədə deyək. Bu ad ona, ona görə verilib ki, insanlarda ona təbii meyl var. (48) Allah, öz bəndələrini o səbəbdən var-dövlətlə sınaqdan keçirməyi qərara alıb ki, məhz varın köməkliyi ilə hər şey asanlaşar, ələ gələr. Varlılara qarşı (onlar tamahkar olsalar da belə) insanların məhəbbətini də o buna görə artırar.
İnsanlar, həmin o varlıya hörmət-izzətlə yanaşarlar və belə düşünərlər ki, guya onun – həmin bu var-dövlət sahibinin bu qədər malı-pulu varsa, deməli, onun, bir kimsəyə ehtiyacı yoxdur. Əslində isə, həmin o var-dövlət sahibi, ola bilsin ki, qəlbinin dərinliklərində, sahib olduğu mal-dövlətiylə qane olmur, insanlarla ünsiyyətə o, bəlkə də o birilərindən daha çox ehtiyac duyur.
Və o səbəbdən ki, insanların qəlbi, həmin bu var-dövlət sahibinə, onun var-dövlətinə görə meyllənər, onlar həmin o var sahibinin özünün yox, onun mal-dövlətinin aşiqinə çevrilərlər.
Arif adamlar isə eynilə bu sayaq Allahı sevərlər. Nəfslə bağlı sınaq da, burda aşkar olar, düzgün yolun və həqiqi hakimiyyətin mahiyyəti də məhz burda üzə çıxar.
Ariflərin diqqəti, Allahın, imkanlı adamlara müraciətlə dediyi:
«... və Allah yolunda varından keç...» - kəlamına işləyən ilahi məqamlara cəmlənər.
Onlar, var-dövləti də bu səbəbdən sevərlər. Sevərlər ki, deyilən bu ilahi kəlam onlara da aid edilsin və onlar həmişə, hər yerdə bu kəlamın icrasından həzz ala bilsinlər. Məhz ariflər, Allahın yolunda öz malından, o səbəbdən keçərlər ki, dilənən əlin, Allahın əli olduğunu bilərlər.
Beləliklə, öz verdiyi varı Allah beləcə qəbul edər və onu (malı) verənlərə şərik olar. Bu – böyük şəriklikdi. (vüslət əl-münəvəla)
Allah, Adəmi o biri yaratdıqlarından üstün tutaraq, onun barədə belə deyir:
«...o kəsi ki, Mən Öz əllərimlə yaratdım...» (51)
Lakin, Onun (Allahın) istəyinə əməl edib, Onu (Allahı) özünə borclu çıxaran, Onun (Allahın) nəzərində, Onun, Öz əlləri ilə yaratdığından (Adəmdən) üstündür.
Var-dövlət sahibi olmadan, Allahın bu kəlamına tabe olub, İlahi şərikliyi (əttənavü ər-rübbaniyyə) qazanmaq mümkün deyil.
Beləliklə, Allah ilk əvvəl həmin o kəsləri var-dövlətlə, sonra, borcla (sədəqə ilə) sınağa çəkər. Haqq Özünü, varlı, imkanlı adamlara əl açıb dilənən, ehtiyaclı bəndənin halına salar və Özü barədə belə deyər:
«Ey Mənim bəndəm! Mən səndən yemək istədim, sən Məni yedirtmədin. Mən səndən su istədim, sən Məni içirtmədin...» (52)
Bu yerdə, var-dövlətə olan məhəbbətin mahiyyəti də anlanar və (arifləri) tamahdan keçirib haqq yoluna çıxarar.
Övladlar da, özü-özlüyündə bir sınaqdı. O səbəbdən ki, oğul – öz atasının sirridi, (sirr) (53) onun ətindən və qanından olandı. Övlad, valideyn üçün, ən yaxın olanıdı və o onu, özü özünü sevdiyi qədər sevər. Hər şeydən çox isə, hər kəs öüzünü sevər. Və bu səbəbdən, Allah Öz bəndəsini, onun özü ilə – zahirən onun özünə bənzəri ilə sınağa çəkər ki, görsün: bu halda, özü-özü ilə doyurulan bəndə, Allahın ona buyurduğu borcları və vəzifələri unutmayacaq ki?!..
Bax: Allahın rəsulu, (Allah onu şad eləsin!) qəlbində əbədi yeri olan qızı Fatimə barədə deyir:
«Əgər, Məhəmmədin qızı Fatimə oğurluq edərsə, mən onun əlini kəsərəm.» (54)
Ömər bin əl-Həttab isə (55) öz oğlunu, eyş-işrətlə məşğul olduğuna görə qamçıladır, ürəyi, yalnız oğlu öləndən sonra rahatlanır. Maiz və qadın da, özləri üçün cəza tələb edərək, özlərini məhv edirlər. Allahın rəsulu isə, (Allah onu şad eləsin!) onlar barədə belə deyir:
«Onları camaat arasında bölüşdürsəydilər, tikələri hamıya çatardı...» (56)
Bir də elə bir tövbə varmı ki, insanın, öz canını, könüllü şəkildə qurban verməsi ilə müqayisəyə gəlsin?..
Daha böyük olan isə o kəsdir ki, bütün bu sınaqlara davam gətirib özünə acı, lakin layiqli cəza kəssin.
Allah, övladını itirən valideyn barədə belə deyir:
«Mömin bəndəmin yaxınlarından Öz Yanıma götürərəmsə, bunun əvəzində Məndən ona cənnət verilər...» (52)
İnsan nəslində hamıdan böyük o kəs olacaq ki, bütün bu keçilməz sınaqlardan və şiddətli tamahlardan ötürüb, onlarda, Allaha tapınacaq. Və o kəsi heç zaman unutma...
A.MƏSUD
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
понедельник, 1 июня 2009 г.
на 08:39
Afaq Mesud Azərbaycanımızın ən dəyərli qadınıdır
ОтветитьУдалитьBU QADINI SEVDIM
УдалитьAfag xanim "gelb tebibi"adiyla taninan IbnGeyyim alCouziyuanin eserlerini dilimize tercume Edin ne olar
ОтветитьУдалить