Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


среда, 20 февраля 2008 г.

Fatma

(roman)


…Xırıltı səsinə ayıldı. Anası ölürdü… Hə, xırıldayırdı… Burdaca, yanındaca, gecələr ər-arvad kimi yan-yana, burun-buruna yatdıqları ikiyataqlı çarpayının o biri gözündə...
Bayırdan az-maz işıq düşürdü içəri. Ayın işığıydı, ya səhər açılırdı, başa düşmək olmurdu. Bu az-maz işığın gücünə, anasının yarımaçıq qalan ağzını, uzanıb ucu nazilən burnunu görürdü. Anası indi özünə oxşamırdı. Elə bil yad bir arvad idi, ölmək üçün gəlib uzanmışdı bura.
Dəhşətdən başının tükləri qabara-qabara anasının, nəfəsi tamam kəsiləndən sonra nə vəziyyətə düşəcəyini gözünün qabağına gətirdi və bundan halı lap pisləşdi...
Anası, nəfəsi kəsilhakəsildə əl atıb onun qolundan, ya da bəlkə xirtdəyindən yapışacaqdı… ya da olsun ki, qəfildən, bataqlığa düşən tək, gözləri havasızlıqdan bərələ – bərələ yerinin içində çabalayacaqdı, ya da Allah bilir, daha nələr eləyəcəkdi, nə günə düşəcəkdi.
Bir anın içində anası yüz əcaib vəziyyətlərdə gəldi gözünün qabağına. Əllərini onun boğazına keçirib, nəfəsini kəsə - kəsə onu boğan yerdə, dişlərini qıcıyıb, gözlərini ağarda-ağarda qaralan vəziyyətdə…
Qorxudan, vahimədən bağrı yarıla-yarıla ayağa qalxıb bir istədi, həyətə qaçsın, səsi gəldikcə qışqırıb qonşuları köməyə çağırsın. Sonra nə fikirləşdisə, cəld yerinin içində çöməlib, çarpayılarının dirəndiyi faner divarı ikiəlli döyə - döyə:
- Gülağa! Ay Gülağa!... Arvad öldü!.. – deyib bərkdən-bərkdən qışqırmağa başladı.
Üstünə güllü divar kağızı çəkilmiş nazik, faner divarın o üzündəki çarpayı cırıldayıb tərpəndi, divarı da özüylə bir tərpətdi. Sonra öskürək səsi eşidildi. Gülağanın öskürəyiydi. Gülağa hər səhərki kimi, öskürüb-öskürüb ögüdü, nəfəsi kəsilə-kəsilə boğuq səslə o üzdə nə isə dedi, sonra yenə onun sulu xışıltıyla dolu öskürəyi eşidildi...
- Gülağa!..
- Nədi genə?..
Gülağanın səsi elə yaxından gəldi, elə bil Gülağa divarın o üzündə – öz evində yox, budu burda, çarpayısının böyründəydi.
İstədi bir də desin ki, «Anam ölür, tez ol…» - səsi çıxmadı, boğazını qəhər tutdu.
Gülağa deyəsən divarın o üzündən hər şeyi başa düşdü, o üzdə tələm-tələsik geyinə - geyinə:
- Burnunu sıx, düzəlicey… - dedi, sonra at kişnərtisinə bənzər kişnərtilərlə qorxunc səslər çıxara-çıxara dəli bir öskürəklə öskürməyə başladı.
- Öl elə. - divarın o üzündən Gülağanın arvadının yuxulu səsi eşidildi – Min kərə deyirsən, tərgit o zəhirmarı…
Qulağı divarın o üzündə, gözü, üzünün artıq bir hissəsi qaralan anasında, əllərini ağzına basıb oturduğu yerdə ağladı.
Divarın o üzündə Gülağanın öskürəyi asqırağa qarışmışdı. Gülağa indi də, adəti üzrə nəfəs dərmədən, bir ayağını yerə vura-vura dalbadal asqırır, səsə oyanan uşaqları bir – birinə qarışıb ağlaşır, arvadı, papirosu çıxaranın ata – babasına qarğış tökürdü.
Çox kemədi ki, anasının xırıltısı tamam-kamal kəsildi. Olsun ki, anası artıq keçindi. İndi anasının cansız bədəni, yarımaçıq ağzıyla, qanı donub qurumuş qaramtıl sifətiylə çarpayısının o biri gözündə - onun böyründə uzanıb qalmışdı.
Ağlaya-ağlaya divarıın içinə, lap astadan:
- Öldü arvad… - dedi, sonra çarpayıdan yerə sıçrayıb işığı yandırdı.
Anası tərpənmirdi.
Divarın o üzündə nə isə guruppultuyla yerə dəydi, Məsmənin əsəbi səsi eşidildi:
- Öl a-a, əli bişib elə bil.
Yuxarıdakılar da deyəsən ayılmışdı. Çünki alçaq tavandan asılmış balaca, üçbuynuz çılçıraq yellənməyə başlamışdı.
Gözü nəfəssiz anasında, tələm-tələsik geyinib çöl qapısını açdı, qonşular gələnəcən, çıxıb artırmada dayandı.
Hava ala-toran idi. Ətraf həyətlərdən səs-səmir gəlmirdi. Əyilib qapının ağzından içəri – bir hissəsi dəhlizdən görünən yarıqaranlıq yataq otağına baxdı.
Yox, anası hələ ölməmişdi, rəngi mum kimi bulanıq-sarımtıl idi, nəfəsi, azca da olsa, hələ də qırıq-qırıq gəlirdi. Xırıltı arada bir itir, gah da boğazının yolunda qaynayırdı. Ən dəhşətlisi isə - anasının, nazilib, ucu aşağı uzanmış burnuydu. Burunun məhz bu şəkil almasının, üzü O tərəfə getməyin birinci əlaməti olduğunu o, çoxdannan – hələ nənəsi can verəndə başa düşmüşdü. Bunu yazıq anası da dəfələrlə demişdi ona, nənəsi, xalaları can verəndə öz gözləriylə də görmüşdü. Canını tapşıranların başı üstə dayanıb duran anasının: «Can verənin ki, burnu uzandı, ucu saraldı, bil ki, çənəsi bağlanmalıdı…» - deməyini xatırladı və bundan, bədənindən xoşagəlməz bir gizilti keçdi. İçəri girib dəhlizin divarına söykəndi.
…Gülağa içəri hövlənak – əyninə necə gəldi keçirdiyi əzik ev şalvarında daxil oldu, dəhlizin işığından üz-gözünü yığa-yığa bir müddət dayanıb key-key onun üzünə baxdı, sonra yataq otağına keçib anasının çiynini tərpədə-tərpədə:
- Məmə… ay məmə… - dedi.
Anası gözünü açmırdı.
Anası artıq O dünyadaydı… - fikirləşdi – tənhalıq və sakitlik dolu qış gecəsi kimi qaranlıq, soyuq dünyada. İndi Allah bilir, qanad çalıb sapsarı kəpənək kimi pərvaz eləyirdi orda, heç üşüyüb eləmirdi də.
Anası axır vaxtlar yuxusunda da görürdü bunu. Görürdü necə sapsarı, tül kimi zərif kəpənəyə dönüb, ağappaq səhralıqlarla uçur, uçur… sonra yuxudan ayılıb sübhün ara-qaranlığında gözləri yaşara-yaşara:
- Bu gecə Cənnətdəydim… - deyirdi – …kəpənəyə çönmüşdüm, heç bilmirəm necə oldu, qayıdıb gəldim?!..
Anasının sarımtıl bənizinə yenə həmin xoş təbəssüm qonmuşdu. Anası xoşbəxt idi. İndi əbədilik kəpənəyə dönmüşdü. Burda, bu işıqlı otaqda qalan - bircə cansız bədəniydi. Bunu da anası deyirdi həmişə. Deyirdi: «Can verənən yanında qışqırmazlar, bərkdən ağlamazlar, O dünyaya köçmək ərəfəsində olan ruhunu narahat eləməzlər...»
- Nəfəsi gəlir hələ… - Gülağa gözü anasında, ağzının içində buppuldadı, sonra qəfildən ona sarı çönüb – sən nə gözünün midiyini axıdırsan? – deyib dikəldi, başını qaşıya-qaşıya otaqdan çıxdı. Olsun ki, həkim dalınca getdi. O da yenə, can üstə olan anasıyla təkbətək qaldı.
Qorxa – qorxa çarpayıya yaxınlaşıb astaca:
- Ana… - çağırdısa da, anası səsinə hay vermədi.
Başını divara söykəyib səssiz-səssiz ağladı.
Çox keçmədi ki, Gülağa, əynində ütülü köynək qayıdıb gəldi, bir də çarpayıya yaxınlaşıb, bu dəfə ağzını anasının qulağına yaxınlaşdırdı, bərkdən:
- Ay mə!..- deyib çığırdı.
Anası səsə ayılıb zəif-zəif zarıdı. Anasının ayıldığını görən Gülağa heç nə olmayıbmış kimi, dinib-danışmadan, başmaqlarını sürüyə-sürüyə qapıya sarı getdi, orda ayaq saxlayıb geriyə çöndü, yuxudan qalınlaşan kal səsiylə ona:
- Yeri, yıxıl yat… - deyib çıxdı.
Bir qədər sonra yuxarıdan Əlibala da düşüb gəldi, Əlibalanın arvadı da, iki oğlu da. Bir dəstə yuxulu adam evə döluşub bir müddət key-key bir-birinə baxdılar. Əlibala əllərini belinə vurub Gülağanın ardınca:
- Nolub? Genə içib? – dedi.
Anası yuxudan doyub ayılmışdı, böyrü üstə uzanıb rahat-rahat əsnəyirdi.
Əlibalanın üzü eləydi, elə bil şirin-şirin yatdığı yerdə, yuxudan oyadıb tüpürmüşdülər üzünə. Balaca oğlunu anasının qucağından yerə düşürüb qapıya sarı itələdi:
- Yeri! Yatmağa... - dedi.
Ev boşalandan sonra işığı keçirib yerinə uzandı, amma gözünə yuxu getmədi. Bayaqki qorxusu hələ də canındaydı. Anası bir müddət beləcə əsnəyə-əsnəyə sakit uzandı, sonra elə arxası ona:
-Nə istəyirdi yenə o? – dedi.
-Kim?
-Gülağa da.
-Heç nə.
-Hə?..
Ağzını anasının qulağına yaxınlaşdırıb bərkdən:
-Heç nə! – dedi.
-Bəs niyə gəlmişdi?
-Mən çağırmışdım!..
Anası çönüb onun üzünə baxdı:
-Genə xırıldayırdım?
Başını tərpədib «hə» dedi. Onda anası kürəyi üstə uzanıb elə bil o tərəfdə dayanan kiməsə:
- Qorxma, balamsan, hələ ölmərəm. - dedi - Səni də yerbəyer eləyim, sora. O dünyaya rahat gedim. O bir Allahdan arzum odu, sənə halal bir adam yetirsin. O gün yuxuda da görmüşəm. Gördüm, səhərin sübh çağıdı, qapı astaca tıqqıldadı. Gedib açdım. Baxıram ki, budu burda, həyətin tən ortasında ağappaq, şumal bir at dayanıb, belində də gözəl bir oğlan… «Su ver, - deyir mənə – ana, yaman susamışam…»
Anası bunu deyib susdu. Yuxuya getdi, nədi?..
- Bəs sən neylədin, verdin?!
Anasından səs çıxmadı, çox keçmədi ki, bayaqki xırıltıyla asta-asta xırıldamağa başladı.
Olsun ki, bu da, anasının yeni növ xorultusudu. - fikirləşdi, böyrü üstə çönüb yuxulamağa çalışdısa da, yata bilmədi. Pəncərədən görünən göyün balaca parçasına Baxa-baxa, ürəyi sıxıla – sıxıla fikirləşdi ki, bu nə həyatdı, yaşayır? Nə gündüzü var, nə gecəsi. Yaşıdları hamısı ərdə, nişanlılarıyla kinoda, gəzməkdə. İndi daha nişanlı qalan yaşıdı da yoxdu. Hamısının artıq məktəb yaşlı uşaqları var. Bircə odu, dörd divarın arasında, qoca anasıyla burun-buruna oturmaqdan heyva kimi saralıb. Yox, yadına düşdü, bir dayısı qızı da – onun həmyaşıdı, o da hələ ərə getməyib. Vaxtında bəyənmədiyi, dolayıb lağa qoyduğu oğlanları indi küçədə görəndə, pərtliyindən salam da vermir onlara. Hamısı da elə dəyişib, kökəlib boy atıblar elə bil. Yanlarında da arvad-uşaqları. Onun da böyründən ötüb bir ədayla yeriyirlər, elə bil alçaq dağları bunlar yaradıb.
Pa atonnan!.. – ürəyi sıxıla-sıxıla fikirləşdi – Böyük qəhrəmanlıq eləyiblər – ərə gediblər!
Sonra da fikirləşdi ki, onun elədiyi bəs nədi?.. İnstitutu bitirəndən düz – əməlli bir işə də düzələ bilmədi ki, düz-əməlli bir işi ola, evdən səhər çıxıb, bir də axşam qayıda. Allahın gecəsini də rahat yata bilmir. Ayrı otaq da yoxdu ki, keçib heç olmasa, orda yatsın. Razıdı, lap belə quru döşəmənin üstündə yatsın, təki baş-qulağı dinc, qorxusuz-hürküsüz yatsın.
Fikirləşdi ki, bəlkə bu gecədən mətbəxdə yatsın?.. Sonra yadına, bir-iki dəfə mətbəxin tavanında gördüyü balaca, boz kərtənkələlər düşdü. Bir dəfə o kərtənkələlərdən birini çaydanın içində də görmüşdü. Olsun ki, kərtənkələ susayıb, çaydanın lüləyindən içinə girmişdi, suyun içinə düşüb orda boğulmuşdu. Mətbəxdə yatsaydı, kərtənkələlər onun burnunu, çaydanın lüləyi bilib, içinə girəcəkdilər. Sonra bunu təsəvvürünə də gətirdi və bu mənzərədən əti ürpəşdi. Yorğanı başına çəkib burnunu əlləşdirdi. Burnu çaydanın lüləyindən enli idi.
Divarın o üzündəkilər də deyəsən yatmamışdılar. Uşaqlı – böyüklü astadan nə isə xısınlaşa – xısınlaşa yerlərində qurcalanırdılar. Allah bilir, indi Gülağanın arvadı, iki gündən bir yuxularına haram qatıb hamını ayağa qaldırdığına görə onun qarasına danışırdı.
Fikirləşdi ki, ümumiyyətlə onun yersiz vasvasılığından, qorxaqlığından bütün həyət cana yığılmışdı. Bir də ən əsası – yaşı otuzu haqlasa da, ərə getməyib, səhər-axşam göz döyənəyinə çevrildiyindən, hamının zəhləsini tökmüşdü. Sonra da fikirləşdi ki, indi əgər kiminsə xoşuna gəlmirsə, ürəyinə yatmırsa, neyləməlidi?.. Gedib zorla kiminsə boynundan asıla bilməzdi ki?!.. Onun ərə getməməsi – Gülağagilin vəziyyətini çətinləşdirirdi. «Çıxıb birinə getsəydi, bu faneri də ortadan götürərdik, uşaqlar bir genişliyə çıxardı…» - Gülağanın arvadı dəfələrlə divarın o üzündən ona eşitdirə-eşitdirə kiməsə deyirdi.
Gülağagil hələ də yatmamışdılar. Ürəyi döyünə - döyünə fikirləşdi ki, o hay - küydən sonra adamın gözünə yuxu gedər?
Çönüb anasına baxdı. Anası daha xırıldamırdı, asta-asta, kəsik-kəsik xoruldayırdı. Çox keçmədi ki, divarın o üzünə də sakitlik çökdü. Həmin o adamboğan, canalan sakitlik. Olsun ki, Gülağagil axır ki, yuxuya getdilər. Yuxarıya da sakitlik çökdü. Səhər açılırdı, nəydi, evin içi işıqlanmışdı.
Əyilib pəncərəyə baxdı. Hə, səhər açılırdı...


***


Televizorda, hava haqqında qorxulu şeylər danışan diktorun səsi evi başına götürmüşdü. Anası mətbəxdə göyərti təmizləyirdi.
Əl-üzünü yuyub güzgünün qabağında əyləşdi. Üzü, gecənin yuxusuzluğundan şişmişdi, gözlərinin altı tuluqlanmışdı.
Ayağa qalxıb bədəninə böyürdən baxdı. Qarnı, son ayların şəkərbura-paxlavasından piy bağlayıb aşağı sallanmışdı. Qarnının piyini ikiəlli ovxalaya–ovxalaya fikirləşdi ki, hamiləlikdə də qarın təxminən belə olur. Sonra nə fikirləşdisə, kətilə qalxıb, şkafın üstündə saxladığı dəmir halqaları aşağı düşürtdü, belinə keçiriö, əlləri başında, bədənini dairəvi hərəkətlərlə hərlətməyə başladı. Hərlədikcə, nəfəsi təngidi, ürəyi sıxıldı, boyun-boğazı tərləyib islandı. Dəmir halqalar bir-birinə dəyib cingildədilər, divarın o üzü döyüldü, kiminsə xırıltılı səsi astadan:
- Televizorun səsini al ay qız, uşaq yatıb… - dedi.
Halqaları belindən çıxarıb astaca əvvəlki yerinə qoya-qoya fikirləşdi ki, bu halqa-filan da boş şeydi. Ötən il də bunları düz iki ay gündə-gündə belinə salıb nəfəsi kəsilə-kəsilə hərlədi, özünü əldən salıb ürəyini üzdü, axırı noldu?.. Beli təzəcə incəlməyə başlayırdı ki, anasının könlünə quymaq düşdü, bir-iki gün dalbadal yağlı quymağı qablara yayıb üstünü şəkərlədi, qabağına qoyub, özü də «pəh-pəh»lə, qaşığını az qala uda-uda yedi. Quymağın iyi evi başına götürdü, onun başını hərləndirdi. Quymaqdan yeyib halqa hərlətməyin mənası nəydi?.. Beli həmişəki yoğunluğunda, qarnı da həmin yekəliyində qaldı, hələ əksinə, elə bil əvvəlkindən bir az da çox piyləndi. Odu ki, onları əldən-ayaqdan kənar bir yerə - şkafın üstünə atıb yadından birdəfəlik çıxartdı.
Gəlib yenə güzgünün qabağında əyləşdi. Üzünü kremləyib, buxağını əllərinin arxasıyla şillələyə-şillələyə fikirləşdi ki, axı niyə nə yeyirsə, yediyinin əsas hissəsi belinə, qarnına, qalan hissəsi də burnuyla buxağına yığılır?.. Camaat istədiyi qədər yeyir də, içir də, heç kökəlib eləmir. Ya da kökələndə də adam balası kimi, qol-qıçı, yaxud yançaqları kökəlir. Bir odu, tikəsini ağzına qoymağıyla, tikə qarnında, ya da belində bitir. Axır vaxtlarsa, yediyi, elə bir birbaş burnuna yığılır, odu ki, burun pərələri də gün-gündən piylənib enlənir. Buxağı ki, lap əndazədən çıxıb, il-ildən qat-qat ola-ola, axır vaxtlar xəz yaxalıq kimi sinəsinə düşür.
Əllərini kremləyib indi də buxağını şillələməyə başladı.
- Yenə başladı özünü döyməyə.
Bunu, buxağının şappıltısını eşidən anası, mətbəxdən dedi.
Fikirləşdi ki, niyə özünə qarşı bu qədər tələbkardı?.. Bəlkə bu buxaq özü də bir gözəllikdi?.. Hansı şairinsə şeri də gəlib düşdü yadına: «buxağında xal, sənə qurban…»
Daraqla saçlarının tən ortasında tağ ayırıb tüklərin dibinə baxdı. Saçlarının dibi yenə ağarmışdı, yenə rəngləmək vaxtı gəlib çatmışdı.
Saçını hövsələsiz hərəkətlərlə hörüb kürəyinə atdı, uclarını daraqla ehmal-ehmal darayıb, əl güzgüsü ilə başına arxadan, sonra böyürdən baxdı, sonra darağa baxdı.
Darağın dişləri yenə saçıyla doluydu. Saçı yenə tökülürdü…
Darağın dişlərinə dolan saçlarını ovcuna yığıb yaxından baxdı, sonra bir-bir saydı. Otuz beş saç. Otuz beşi əvvəl bir ayın, sonra bir ilin günlərinin sayına vurdu: - 12075 saç eləyirdi.
Gözləri qarala-qarala güzgüyə baxıb, özünü seyrək saçla, sonra tamam keçəl təsəvvürünə gətirdi, dəstəyinə doqquz ədəd, bir-birindən balaca fillər düzülmüş darağına baxıb fikirləşdi ki, o boyda pulu bu darağa verməyin mənası nə idi?.. Sonra darağa baxa-baxa, fil sümüyündən düzəldilmiş bu hind darağını nə zülümlə axtarıb tapmağı, bu bahalı darağı ona satan alverçi Səkinənin, atasının qəbrinə and içə-içə, həmin bu doqquz filin, saçların sahibinə gətirəcəyi xoşbəxtlikdən, həyatında yaradacağı köklü dəyişikliklərdən danışa-danışa, çantasından çıxarıb müqəddəs tutiya kimi astaca stolun üstünə qomağı yadına düşdü. Bu darağı alandan düz altıncı ay idi ki, hər səhər saçlarını darayıb, evdən qəribə hisslərlə çıxırdı, küçələrlə gedə-gedə, avtobuslara minib düşə-düşə, ehtiyatla ətrafına boylanırdı. Amma Səkinənin dediyi həmin o «köklü dəyişiklik» baş vermirdi ki, vermirdi. Əksinə, Səkinənin: «fil sümüyündə elə bir vitamin var ki, qoymaz, bircə tük belə düşə başından...» - deməyindən sonra saçları birə on tökülməyə başlamışdı.
İçini çəkib üzü işığa oturdu, böyüdücü güzgü ilə diqqətlə burnunun kölgəsində gizlənən bığlarına baxdı. Bığları yenə çoxalmışdı. Keçən həftə onları, bütün üzünə, eləcə də burnunun altına yaxdığı gözyaşardan perekislə saraltmışdısa da, sarı bığlar elə bil əvvəlkindən bir az da çox uzanmışdı, fəvvarə vurub, narın, sarı sarmaşıq kimi dodağının üstünə asılmışdı. Həm də elə bil qalınlaşmışdı.
İndi bu bığların uclarını, bəy bığı kimi burmaq da olardı. - fikirləşib gülmək istədisə də, gülməyi gəlmədi, başını arxaya əyib, böyüdücü güzgüylə buxağını gözdən keçirməyə başladı və buxağının piyli qatlarının arasıyla seyrək cığırlar salan təzə tüklərini də gördü. Fikirləşdi ki, bu da saqqalıdı yəqin. Tamam – kamal kişiləşmək üçün, demək, indi bircə sinəsində qıvrılacaq qıvrım tükləri çatışmır.
Gecə köynəyinin yaxasını açıb sinəsinə baxdı və dəhşətdən ürəyi az qaldı dayana...
Döşlərinin arasında təzəlikcə üç-dörd tük bitmişdi. Ürəyi döyünə-döyünə, ötən həftə kosmetoloq Nazilənin, ətrafdakılar eşitməsin deyə, asta-asta qulağına dediyi sözlər düşdü yadına...
«Biləsən ki, qız uşaqlarında bığlar elə-belə, durduğu yerdə yaranmır. Hələ harasıdı?.. Bir azdan saqqalın da çıxacaq… çünki,»- o gün Nazilə müəllimə kimi danışırdı – «təbiətə zidd getmək olmaz, bacım. Hər yaşın öz tələbi var. Yaş ki, gəlib çatdı, qız ərə getməlidi, ana olmalıdı. Sənsə, bu gün-sabah qırxı adlayacaqsan, hələ əlinə kişi əli dəyməyib. Odu ki, də tük gətirirsən…»
Nazilənin o sözündən sonra, yadına gəlir, o gecə yuxuda, ağzının, gözünün içindən, qapqara zoğlarla bitib, uzandıqca uzanan cod tüklərini kəsib-doğramaqdan, qayçılamaqdan əldən düşürdüsə də, bu möhtəşəm saç selinin qabağını ala bilmirdi. Tükləri getdikcə qalınlaşırdı, bədəninin dörd yanından fəvvarə vurub nəfəs yolunu tuturdu…
Səhəri günü isə, yadına gəlir, yuxusunu qonşuları Minayə xalaya danışanda, qarı: «yuxuda tük görmək – ruzudu, bala…» - demişdi.
Sinəsindəki tükləri pinsetlə bir-bir qoparda-qoparda fikirləşdi ki, belə getsə, bir-iki ilə meymuna dönəcək. Sonra hardansa yadına, hansısa rus verilişində öz gözüylə gördüyü, qəfildən kişiyə çevrilən müğənni-qadının üzü düşdü. Qadın, yadına gəlir, içi silikonla doldurulmaqdan qulaqbalışına dönən dodaqlarını aramla tərpədə-tərpədə, qalın kişi səsiylə, kişiyə çevrilməsinin əcayib tarixçəsini danışırdı: «Mən bunu qəfildən hiss etdim… - deyirdi - bir də baxdım ki, bədənim tədricən tüklənməyə başlayır…»
- Ağəz!.. – anasının səsi mətbəxdən gəldi - Gəl, bir tikə xəşil yi!..
Mətbəxdən bədəninin yarısı görünən anasına baxıb fikirləşdi ki, hamısının günahı anasındadı. Kökəlib bu vəziyyətə düşməyinin də, tüklənməyinin də. Adama nə qədər xəmir yedirdərlər?..
Olsun ki, anası gündə-gündə xəmir xörəklərini qəsdən bişirirdi… - qəfildən ağlına gələn bu fikirdən ürəyinin, qəribə bir təlaşla döyünməyə başladığını hiss etdi. Olsun ki, anası onu yedirdib-içirtməkdən, piyləndirib yöndəmsiz hala salmaqdan özünəməxsus həzz alırdı. Hə, anası bundan həzz alırdı… - əsəbilikdən gözləri qarala-qarala fikirləşdi. Həzz almasaydı, səhərin gözü açılmamış, əl-ayağa düşüb quymağı xəşilə, xəşili halvaya qatmazdı. Əlli dəfə bunu diliylə də demişdi ona ki, bu yağlı, unlu xörəklərdən əl çəksin, tərəvəzdən, dovğadan, yüngül yeməklərdən bişirsin. Amma kimə deyirsən?..
- Sən mənim canım, o «doşan» yeməklərinin adını çəkmə. – anası deyirdi – Göy-göyərtiynən də adam doyar?
Onun sözü anasına kar eləmirdi. Fikirləşdi ki, anası ümumiyyətlə elə bil onun sözlərinə məhəl qoymurdu. Elə bil eşitmirdi onu. Ya da olsun ki, eşidirdi, sözlərinə əhəmiyyət vermirdi?.. Anası onu hələ də uşaq sayırdı. Odu ki, qonum-qonşu anasından, onun niyə hələ də ərə getmədiyini soruşanda, anası: «A-a, nolub, nə xəbər?.. Uşağımın hələ nə yaşı var ki?!..» - deyirdi. Bir də elə bil anası qəsdən yağlı yeməklər bişirib, yedirdib onu piyləndirirdi ki, ərə getməsin, yoğunlayıb əndazədən çıxsın ki, ona tərəf baxan belə olmasın. Anası olsun ki, tək qalmaqdan qorxurdu.
Odu ki, bu gündəydi… - içini çəkib, qarnının, üst-üstə qatlanan piylərini ovxaladı. Kökəldikcə də, qəribədi ki, anasına oxşamağa başlayır. Buxağı eynilə anasının buxağı kimi, gün-gündən mərtəbə-mərtəbə piy bağlayır, alnı dərin qırış zolaqları atır, oturanda qarnı, anasının qarnı kimi, budlarının üstünə düşür. Gündən-günə yaş fərqləri də elə bil azalır. Axır vaxtlar anasıyla küçədə gedəndə, onları dəyişik salanlar da olurdu. Elə bil bir yaşda, bir boyun-buxunda cüt bacıydılar. Fərq bircə bu idi ki, anasının, onun kimi bığ-saqqalı yox idi.
Anası xəşilin qaynar buğundan qızarıb pörtüşən dəyirmi üzü ilə qapıdan:
- Keç otu, gətirirəm… - deyib çəkildi, sonra çox keçmədi ki, yekə aş buludunda buğlana-buğlana gətirdiyi xəşili stolun üstünə qoyub, o biri buludun ardınca mətbəxə qayıtdı və bu dəfə özü ilə gətirib gəldiyi doşabı buludların uzəriylə gəzdirib, buludun birini onun qabağına itələdi:
- Di başla… - dedi – ye, canına qüvvət gəlsin...
-Yoxsa ki, qüvvəm qurtarmışdı… - dedi və kəhrəba rəngli yağın altında yumşaq qumluq kimi uyuyan xəşilə baxıb udqundu.
Anası öz buludunu qabağına çəkdi, bir ucdan yağlı xəşildən qaşıq-qaşıq qoparıb doşaba bulaya-bulaya, üfürə-üfürə yeməyə başladı.
Qaşığı həvəssiz-həvəssiz xəşilin içiylə gəzdirib fikirləşdi ki, indi bu xəşili yeyən kimi yuxu basacaq onu, ayağa qalxıb, əynindəki gecə köynəyini çıxarmadan yataq otağına keçəcək, orda, bədəninin istisi hələ soyumamış yatağına girib yatdıqca yatacaq, yatacaq… Günortadan xeyli keçmiş ayılıb təzədən acacaq, qalxıb anasının axşama hazırladığı təzə xörəyi yeyəcək… sonra yenə yuxusu gələcəkdi…
Anası ağzına qoyduğu hər qaşıqdan sonra içini çəkib ləzzətlə: «bay-bay-bay…» - deyə-deyə, ağzını elə marçıldadırdı, elə bil içində yara vardı, yediyi xəşil o yaranı məlhəm kimi yağlayıb ağrısını kəsirdi.
Qaşıqla xəşildən bir loxma götürüb yağlı doşabın içində buladı, ağzına aparmaq istəyəndə, ürəyi qalxdı… qaşığı xəşilin isinə atıb buludu geriyə itələdi.
-Bu nə deməkdi?.. – anasının üzü qəfildən bozardı.
Başını bulayıb ayağa qalxdı.
- İştaham yoxdu… - dedi.
Xəşil dolu qaşıq anasının əlində qaldı.
- Noldu axı?
O biri otağa keçə-keçə:
- Ürəyim bulanır… - dedi. Sonra anasının, onun arxasınca:
- Bəlkə xəstələnmisən?.. – deməyini eşitdisə də, cavab vermədi, otağına keçib qapını bağladı, gəlib yenə güzgünün qabağında dayandı.
Fikirləşdi ki, axır vaxtlar bura – az qala anadan olandan bəri böyüyə-böyüyə baxdığı bu guzgunun qabağına – dərin, qaranlıq uçurumun kənarına gələn kimi, gəlib dayanır. Elə dayanır, elə bil son hökmü bu şabalıdı haşiyəli, dördkünc güzgü verəcək. İllər ötürdü, güzgü isə heç bir hökm–filan vermirdi, ona qoşulub, lal sükutla üzünə, boy-buxununa tamaşa edə-edə heç nəyi dəyişmirdi.
Barmaqlarını daraq kimi saçlarına kepçirib başının üstündə saxladı, bir müddət özünə beləcə sağdan-soldan baxa-baxa fikirləşdi ki, o yeməkləri ki, o yeyir, o həyat tərzini ki, o keçirir, burda güzgü neyləsin?.. Sonra üzünü yana çevirib, burnuna profildən baxdı və fikirləşdi ki, bəlkə gedib burnunu kəsdirsin?.. Ötən il qonşu Süsənin qızı zirək tərpənib burnunu kəsdirmişdi, donqarını yondurub ucunu gödəltdirmişdi. Əməliyyatdan çıxmağıyla, nişanlanıb ərə getməyi bir oldu. Hələ heç burnunun şişi düz-əməlli yatmamışdı da.
Burnunu iki-üç dəfə sıxıb buraxdı. Burun pərələri, təzəbişmiş köpmə çörək xəmiri kimi yığılıb-açıldı.
- Güzgüyə çox baxmazlar a bala, havalanarsan… - anası, nə vaxtsa aralanıb açılan qapının arasından ona baxa-baxa, əlindəki xəşil dolu qaşığı ağzına qoya-qoya dedi, sonra ayağa qalxıb, onun buludundakı xəşili qaşıqla sivirib nəyinsə içinə boşalda-boşalda:
- Bazara gedib xəm-xırt almaq lazımdı… – dedi – Nə isə, ürəyimə göy qutabı düşüb.


* * *


Çörək növbəsində dayananların hamısı əsnəyirdi. Gecəni pis yatmışdılar nədi, ya bəlkə isti çörək almağın dərdindən, səhərin gözü açılmamışdan durmuşdular deyə, indi soyuqdan əsnəyirdilər?.. Axır nəydisə, hamının gözü qıpqırmızı idi, yuxulu, əsəbi üzlərlə bir-birlərinə əyri-əyri baxa-baxa, addım-addım piştaxtaya yaxınlaşırdılar.
Fatma növbənin lap axırında dayanmışdı, ürəyi çırpına-çırpına fikirləşirdi ki, indi növbə ona çatanda, satıcı-oğlan yenə həmin o mənalı təbəssümüylə üzünə baxıb gülümsəyəcək, xüsusi vurğuyla ona, növbəyə duranların heç birinə demədiyi: «Sabahınız xeyir olsun» - deyəcək. Elə də deyəcək, hamı çönüb mənalı-mənalı bir ona, bir satıcı - oğlana baxacaqlar və hamıya hər şey aydın olacaq. Sonra ürəyi əsə-əsə fikirləşdi ki, piştaxtaya çatanda, həmin o «sabahınız xeyir» - ə cavab verəndən sonra, oğlana nə desin?.. Desin: «zəhmət olmasa, bir çörək verin», ya elə beləcə qısaca olaraq: «ağ çörək - bir dənə» - desin?.. Ya bəlkə heç nə deməsin, çörəyin pulunu dinməz-söyləməz piştaxtanın üstünə qoyub oğlanın üzünə, yaxud da eləcə rəflərdəki təzə çörəklərə baxsın?..
Hələ ötən dəfə pulu bu satıcı-oğlana uzadanda, oğlan pulu onun əlnidən xüsusi bir nəvazişlə almışdı, gözünü gözünə zilləyib mənalı-mənalı gülümsəyərək, növbədə ona qədər dayananlardan heç birinə demədiyi: «gözüm üstə» - demişdi. Ötən həftə isə o, dükanın qarşısından maşın yolunu keçəndə, həmin bu «gözüm üstə» onu görüb, işə salmağa hazırlaşdığı maşınının matorunu söndürmüşdü, başını pəncərədən çıxarıb qəribə, kədərli səslə ona:
-Buyur, bacım… - demişdi.
Onda yolun o üzünə necə keçmişdi, onu bir Allah bilir. Təzə aldığı dikdabanlarının üstündə büdrəyə-büdrəyə, bütün bədəni, əl-ayağı titrəyə-titrəyə… Həyəcandan bir-iki dəfə ayağı da burxulmuşdu, az qalmışdı getdiyi yerdə üzü üstə yerə dəyə, özünü bir təhər saxlamışdı, pörtüb qıpqırmızı qızarmışdı.
Növbədə dayananların ayaqlarına baxdı. Çoxu ev başmağında idi. Bircə o idi, toya, teatra geyinmək üçün aldığı zərli ayaqqabılarında gəlmişdi.
Fikirləşdi ki, bu ayaqqabıları bura da geyməyib hara geyinəcəkdi?.. Onları alandan, tərslikdən, nə teatra, nə də toya yolu düşmürdü. Ayaqqabılar da, paltar şkafının aşağı rəfindəki qutusunda qala-qala dəbdən düşürdü. Bir də… - fikirləşdi - əslinə qalsa, çörək dükanı da, toy kimi, teatr kimi bir yerdi. Bura da, özünə görə bir cəmiyyətdi. Ötən dəfə həmin bu ayaqqabılarda çörək almağa gələndə, satıcı oğlanın, piştaxtanın arasından onun ayaqqabılarına baxdığını öz gözləriylə görmüşdü.
Oğlan, ayaqqabılarından sonra, gözünü birbaşa onun gözünün içinə zilləmişdi, dinib-danışmadan, mənalı-mənalı gülümsəmişdi. O gecə bu satıcı oğlanı, həmin o mənalı təbəssümüylə yuxuda da görmüşdü. Yuxuda o, yenə çörək dükanıın qabağındakı maşın yolunu keçirdi… satıcı–oğlanın qırmızı maşını yenə getdiyi yerdə ona görə dayanırdı... oğlan maşından düşüb ona yaxınlaşırdı, ehtiramla əlindən tutub onu maşına sarı aparırdı, maşının qabaq qapısını açıb, onu öz yanında – qabaq oturacaqda oturdurdu... özü də yanında oturub, sükanı hərləyə-hərləyə bütün şəhəri gəzdirirdi, arada bir də çönüb, xoşbəxt gözlərlə üzünə baxırdı…
Həmin o yuxudan, gecənin bir aləmi tər-qan içində oyanmışdı, səhərin gözünü, yanında yatan anasının boğuq xorultusundan ürəyi sıxıla-sıxıla açmışdı.
Növbəsi yaxınlaşdıqca, kürəyində, buxağında muncuqlanan tər damcılarının, paltarının yaxalığına hopduğunu hiss elədi. Xırda pulları cibindən çıxarıb saya-saya fikirləşdi ki, görən niyə bu qədər tərləyir? Yol yeriyəndə, pilləkənləri çıxıb-düşəndə, hətta yuxuda da. Dərisinin altı elə bil suyla doludu.
Qabaqda hələ üç adam vardı. Çörəksatan ona uzanan pulları alıb, yaxındakı dəmir qutuya tullayır, kağız pulların qalığını qaytarmaq üçün, qutunun dibini qaşıyıb ordan seçib çıxardığı qəpikləri möhür kimi piştaxanın üstünə çırpırdı. Növbə onunku idi.
Piştaxtanın qabağına keçib əlindəki pulu, satıcının üzünə baxmadan üsulluca piştaxtanın üstünə qoydu, sonra gözlərini yerə dikib dayandı.
Sonra həyəcandan oldu, ya nə oldusa, ovcunda saxladığı qalan qəpiklər əlindən sürüşüb piştaxtanın üstünə töküldü, biri döşəməyə düşüb balaca, dəmir təkər kimi divar boyu diyirləndi.
Satıcı çörəyi ona uzada-uzada, o biri əliylə piştaxtanın üstünü döyəcləyib:
- Tez ol, bacım… - dedi, ona uzatdığı çörəyi də piştaxtanın üstünə atıb, ondan sonra dayanan orta yaşlı kişinin uzatdığı pulu aldı, xırdalamaq üçün dəmir qutuya sarı çöndü.
Nə qədər elədi, divarın dibiylə diyirlənən dəmir pulları tuta bilmədi. Gümüşü iyirmiqəpikliklər diyirlənib-diyirlənib küncdəki deşiyə düşdülər. Özünü o yerə qoymadan, saçlarını hamarlayıb əlini sumkasına saldı, balaca ciblərini eşələyib xırda pul axtardısa da, tapmadı. Növbədəkilərin hövsələsi daraldı, yuxulu üzlərlə əsəbi-əsəbi yerlərində qurcalandılar, sonra nifrətlə onun hərəkətlərini izləməyə başladılar.
Əlinə keçən kağız pulu çıxarıb satıcıya uzatdı:
- Bir dənə də qara çörək, zəhmət olmasa… - deyib niyəsə qızardı.
Oğlan pulu alıb saymadan, əsəbi hərəktlə arxasındakı dəmir qutuya vızıldatdı, çörəyi piştaxtanın üstünə qoyub, arxada dayanan kiməsə:
- Neçə dənə?.. – dedi.
Çörəyi mümkün qədər nəzakətlə əlinə alıb səliqəylə, özüylə gətirib gəldiyi cığara torbanın içinə saldı, özünəməxsus nəvazişlə satıcıya:
- Çox sağ olun… - dedi və yenə pul kimi qızardı.
Küçəyə çıxıb hündür dabanların üstündə laxlaya-laxlaya yeriyə-yeriyə fikirləşdi ki, Allah bilir, indi çörəksatan oğlan onun haqqında nələr fikirləşəcək. Onun əfəlliyindən, astagəlliyindən fikirləşib, bəlkə də ürəyində onunla bağlı qurduğu planlarını dəyişəcək. Bu fikirdən ürəyi pis-pis bulandı. Sonra fikirləşdi ki, görən niyə satıcı oğlan bu gün onunla belə kobud rəftar elədi?.. Hələ heç pul əlindən düşməmişdən əvvəl də, gözü onu alsa da, bircə dəfə ona tərəf baxmadı?.. Bu gün pis görünürdü, nədi?!.. Qabağından ötüb keçdiyi vitrinə düşən əksinə baxdı. Sən deyən, elə də pis görünmürdü. Bircə, bayaq - evdən çıxhaçıxda, dəhlizdəki güzgünün qabağında dayanıb saçına taxdığı çəhrayı gül sancağı boşalııb üzüaşağı sallanmışdı. Olsun ki, bayaq dükanda pul axtaranda boşalmışdı.
Xəcalətdən, ya nədənsə isti tər gəldi bədəninə. Maşın yolunu keçib bazara gedən yolun səkisiylə gedə-gedə fikirləşdi ki, olsun ki, bu gün satıcı -oğlanın qanı qaradı, ya da başında bir iş var. Anası demişkən: «Həyatdı, Adam bilmir, sabah başına nə gələcək…»
Bazara çathaçatda dabanları sızıldamağa başladı. Hündür kabluklarda gəzməyin nəticəsiydi. Nənəsi də qabaqlar həmişə deyirdi ki, bu ayaqqabılardan axır qıçları əyiləcək. Ayaq saxlıyıb əyilib qıçlarına baxdı. Qıçları hələ ki, əyilməmişdi.
Bazara girəndə, ələlxüsus da, göyərti satılan cərgəyə çatanda, həyəcandan az qalırdı ürəyi dayana. Göyərtisatanların hamısı onun yaşıdları, ya da lap cavan oğlanlar idi. Hamısı da ona elə həsrətlə baxırdılar, elə bil iş-gücləri, səhər-axşam burda dayanıb onun yolunu gözləməkdən ibarət idi. Mütləq də hərə bir söz deyirdi:
- Qəşəng qız, yaxşı vəzəri var a-a!..
- Ceyran, belə soğanı, bütün bazarı axtar, tapa bilməyəcəksən!
Göyərtisatanlar qəribəydi ki, ancaq onu görəndə, əl-ayağa düşüb belə hay-həşir salırdılar, göyərti dəstələrini əllərinə alıb az qala piştaxtanın üstünə çıxırdılar. Onun da bütün bu vay-həşirdən az qalırdı nəfəsi kəsilə.
Fikirləşdi ki, görən niyə o, məhz göyərtisatanların xoşuna gəlir?..
Göyərti piştaxtasının o başından kimsə ona sarı əyilib:
- Ay qız, bəri gəl... – dedisə də, başını çevirib o tərəfə baxmadı, yaxındakı piştaxtanın arxasında dayanan yaşlı kişiyə yaxınlaşıb:
- Qutab göyü verin, hərəsindən iki dəstə... – dedi.
Sonra kişinin ona uzatdığı göyərtiələri torbasına yığdıqca, bir istədi dəstənin qiymətini soruşa, sonra fikirləşdi ki, yaxşı deyil. Odu ki, göyü torbasına yığıb qurtarandan sonra pulu göyərtisatana uzadıb:
-Çıxın. – dedi…
Bazardan çıxıb evə gəlincə, küçə boyu hamı onun, qucağında apardığı göyərti dağına baxırdı. Məhəllələrinə çatanda, qonşu uşaqlar ardınca qaçıb, hərə göyərtidən bir qom qapa-qapa:
-Şəngülüm, şüngülüm, buynuzumda ot gətirmişəm… - deyə-deyə qışqırışırdılar.
Evə girəndə, xəmirin iyindən bildi ki, qutabın xəmiri hazırdı artıq. Xalaları da burdaydı, başlarını ləçəklə bağlayıb, anasıyla bir xəmir yayırdılar. Yerdəki palazın üstü xəmir açmaqdan ağappaq idi. Hərə bir ucdan xəmir açırdı, kündə tuturdu, onu görüb əllərini saxladılar.
Böyük xalası onu görən kimi:
-Qurban olsun xala boyuna… - dedi, unlu əlləriylə qolundan yapışıb onu özünə çəkdi, isti dodaqlarıyla marça-murçla o üzündən-bu üzündən öpdü.
Anasının üzü də xəmir açmaqdan pörtüb almaya dönmüşdü, əlindəki göy dolu torbaya baxıb:
- Göyü təmizlə, doğra, ver dolduraq… - dedi.


* * *


Hamamın içindən, həmişəki kimi nəmiş və kif iyi gəlirdi. İri ləyənlərin danqıltısından qulaq tutulurdu, qaynar suyun buxarından göz-gözü görmürdü…
Anası ləyəni qaynar suyla doldurub həmişə elədiyi kimi, əvvəl daşın üstünə tökdü.
- Hə, di otur indi… pak oldu... – deyib ikinci ləyəni doldurmaq üçün, kök ayaqlarını sulu döşəməyə ehtiyatla qoya-qoya, hamamın yuxarı başındakı ümumi kranta tərəf getdi, orda – krantın qabağında, əllərində ləyən növbəyə duran çılpaq arvadların arasına girib yoxa çıxdı.
Daşın üstünə oturub, evdən gətirdiyi hamam torbasının içindəkiləri – iki kisəni, sabunu, lifi, daraq və qayçıları çıxarıb bir-bir səliqəylə divarın dibinə düzdü. Çox keçməd ki, anası, əlində ikinci qaynar su dolu ləyən, büdrəyə-büdrəyə gəlib çıxdı, ləyənin içindəkini, eləcə buğlana-buğlana qəfildən onun başına əndərdi. Qaynar sudan dik atılıb:
- Bisimillah!..– dedisə də, anası, hamamın hay-küyündən onu eşitmədi, ləyəndəki suyun qalanını da öz başına töküb:
- Oxay, əcəbdi… - dedi, sonra kisəni əlinə keçirib qırış - büküşlə dolu bədənini kisələməyə girişdi. Anasının bədəninin piy büküşləri elə dərin idi, çəkdiyi kisə, hərdən bir əlindən çıxıb qarnının, döşünün büküşləri arasında ilişib qalırdı. Onda anası kisəni, bədəninin bütün büküşlərini ələk-vələk eləyə-eləyə, onları bir-bir, səliqə ilə açıb aralarına baxa-baza axtarırdı. Anası ümumiyyətlə çılpaq olanda, bədənində çox şey itib batınrı. Ötən dəfə onun balaca əl darağı, ondan əvvəl rüşul, bir dəfə isə, hansı möcüzəyləsə, hamam torbasının özü itmişdi anasının bədənində. Torba yalnız, onlar hamamdan çıxanda - anası yekə, çəhrayı qətvəsini bədəninə sarıyıb büküşlərini bircə-bircə qurulayanda, bədəninin6 hansıf tərəfindənsə çıxmışdı.
Anası kisəni çiyninə atıb, ləyəni əlinə götürüb, deyəsən yenə su dalınca getdi, orda, ləyəni qaynar suyla doldurub bir hovur da başına əndərdi, sonra ona sarı çönüb elə ordan bərkdən – bərkdən:
-Nə durmusan, ağəz, bahuvı islat də… - dedi.
Ləyənini götürüb ayağa qalxdı, krantın yanına gedib orda onu ağzınacan doldurdu, ağırlığından büdrəyə-büdrəyə gətirib yerinə oturdu.
Anasının başı indii də kantın yanında kiminləsə söhbətə qarışmışdı, danışa-danışa kürəyindəki kisəylə qollarını kisələyirdi.
Su parçını isti suyla doldurub başına tökdü, saçlarını, üzünü isladıb sabunladı, sonra əlini daşın üstüylə gəzdirib, darağını axtardı ki, saçlarını bir də sabunlu–sabunlu darasın, əli darağın əvəzinə, yumşaq parçayabənzər nəyəsə dəydi... Gözünün sabununu əlinin arxasıyla silib baxdı. Ağ çitdən kişi tumanıydı…
Tumanı, əlini yandırırmış kimi, döşəməyə atıb, əllərini tələm-tələsik bir də sabunladı, əti ürpənə-ürpənə:
- Ay mə, bu nədi belə?.. – deyib ayağa sıçradı.
Anası hələ də krantın yanındaydı, kisəni indi də sol əlinə keçirib danışdığı arvadın kürəyini kisəldəyirdi deyə, onu eşitmirdi.
Üzbəüz daşın üstündə oturub bayaqdan bəri dərisini qızarda-qızarda kisələnən cavan gəlin ləyəni başına əndərib, sulu saçlarını iri daraqla daraya-daraya:
- Kişi tumanıdı… - dedi – Dünən axı kişilərin günüydü, olsun ki, kiminsə yadından çıxıb qalıb. Gör indi bunlar nə gündədilər də. Bir adamın ki, tumanı yadından çıxa… - gəlin deyib, hamamın, çirkli köpüklü-sabunlu suyuna qarışa-qarışa axıb gedən tumana baxa-baxa qaqqanaq çəkib güldü.
Divarın dibində gizlənən darağı götürüb, sabunlu saçlarını daraya-daraya tumanını yaddan çıxarıb, evinə çılpaq qayıdan kişini təsəvvürünə gətirməyə çalışdısa da, təsəvvürünə, cinəbəncər əcayib məxluqdan savayı ayrı bir şey gəlmədi. Parçı suyla doldurub başına tökə-tökə fikirləşdi ki, olsun ki, bu alyanaq, zirək gəlin kişilər haqqında çox şey bilir.
- Onların, görüm belə tumu qırılsın!..
Bunu da yan tərəfdən – yoğun, mərmər sütunun dibində oturan orta yaşlı, kök qadın dedi. Bir əliylə dizinin üstünə düşən sağ döşünü qaldırıb, o biri əliylə altını kisələyə-kisələyə deyib, o da bərkdən-bərkdən güldü. Sonra nə oldusa, elə bil qurbağa gölünə daş atdılar... Arvadlar bir-birinə qarışdı, ağız-ağıza verib qışqırışa-qışqırışa, səsləri hamamı başına götürə-götürə kişilərin ünvanına hərə bir şey dedi, hərə bir cür güldü. Sornra «məclis» bir az da qızışdı, hərə öz ərini yamsılayıb ələ salmağa başladı.
Tuman hərlənib-fırlanıb, gəlib yenə ayağının yanında dayanmışdı, nəyəsə möhkəm ilişdiyindən, böyür-başıyla axan güclü su axını onu yerindən qopara bilmirdi. Ləyənin içindəki bütün suyu tumanın üstünə atdı. Su zərbəsi tumanı yerindən qoparıb axıda-axıda aparıb çirkli su arxına saldı, orda tuman çirkli ağ balıq kimi köpüklü suların içinə batıb çıxa-çıxa, bozarıb qarala-qarala üzüb hamamın çıacağına axdı.
O isə, başının tükləri qalxa-qalxa fikirləşdi ki, indi birdən bu tumanın yiyəsi qayıdıb tumanını axtarmaq üçün hamama girə, çəkməli-paltolu içəri keçib düz onun üstünə – tumanını qoyub getdiyi daşın yanına gələ, tumanı tapmayanda, səsinin yoğun yerinə salıb çığıra-çığıra:
- Tumanımı verin!.. – deyib onun boğazından yapışa…
Sonra fikirləşdi ki, başı xarab olub lap... heç arvadlar çimən yerə də kişi buraxarlar?
- …heç düzgün deyil... - üzbəüz daşın üstündə oturan gəlin onun arxasında oturan, ya dayanan kiminsə sözünü təsdiqlədi.
- Mən nə deyirəm?.. Natəmizlikdi. Kişi hamamı ayrı olmalıdı, arvad hamamı ayrı. Ta qədimdən də belə olub.
Anası indi də ayağının birini o biri dizinə qoyub, əlindəki yekə, qara ayaqdaşıyla hıqqıldaya-hıqqıldaya dabanını sürtürdü…
…Hamamdan çıxanda artıq hava qaralmışdı. Arvadlar əllərində hamam torbaları, iki-bir, üç-bir danışa-danışa evlərinə dağılışırdılar.
İçəri girib torbanı küncə atdı, soyunub tələm-tələsik, bayaq evdən çıxanda dəmə qoyub çıxdıqları çaydandan iri fincanlara çay süzdü, öz fincanını qabağına çəkib qaynar çayın bir hissəsini nəlbəkiyə süzdü, ciyəri yana-yana içib:
-Ay mə, yıxılıb yatıram… nə isə başım ağrıyır yaman… - deyib yataq otağına keçdi, yerinə girib yorğanı başına çəkdi, hamamdakı söhbətləri fikirləşə-fikirləşə yuxuya getdi… Çox keçmədi ki, yuxuda yenə hamama düşdü… orda yenə qaynar suyun buxarından boğula-boğula saçlarını yudu, anasının kürəyini kisələdi… sonra itmiş tumanın yiyəsi hardansa gəlib çıxdı hamama… içəri girib onun üstə yeridi, boğazından yapışıb onu boğa-boğa:
- Tumanımı verin?.. – deyib çığırdı...
Onda o, həyəcandan dizləri əsə-əsə hamamın bütün su arxlarını axtardı, əlini köpüklü suların içinə salıb tumanı gəzdi… və axırda tapdı… onu çirkli suyun içindən çıxarıb yaxşı-yaxşı yudu, yaxaladı, bərk-bərk sıxıb, gətirib yiyəsinə verdi. Tumanın yiyəsi gedəndə isə, bircə arxadan baxıb gördü ki, tumanın yiyəsi sən demə, həmin çörəksatandı.



* * *


Komisyon mağazısının qəbul məntəqəsində növbəyə duranların üzlərindən əzab tökülürdü. Hərənin qucağında bir bağlama geyilmiş pal-paltar, gözləməkdən zinhara gələ-gələ, dükanın künc-bucağına söykənib bir-birlərinə baxırdılar.
Fatmanın bağlaması hamınınkından böyük idi deyə, növbədəkilər bir-birinə baxmaqdan bezib, gözlərini indi də onun bağlamasına zilləmişdilər. Növbənin axırında dayanan qələm kimi iki arıq qız ümumiyyətlə gözlərini ondan çəkmirdi, qulaqlarındakı rəngbərəng sırğalarını yellədə-yellədə, ona baca-baxa öz aralarında nə isə xısınlaşırdılar, arada bir pıqqıldaşıb uğuna-uğuna gülürdülər. Ona gülürdülər, nədi?..
Köhnə manikenlər duzulmuş vitrinin şüşəsinə düşən əksinə baxdı. Elə bil hər şey öz qaydasındaydı. Sonra qəfildən gözü, dünən gecədən saçlarının uclarına keçirib yatdığı, bu səhər isə, dükanda növbə tutmaqdan ötrü ala-qaranlıqdan oyanıb, tələm-tələsik geyinərək özünü çölə atdığından, başının arxa hissəində ilişib qalan biqudiyə sataşdı. Biqudini üsulluca dartıb saçlından çıxartdı, heç kim görməsin deyə, ehmalca çantasına basdı.
Qızlarsa yenə gözlərini çəkmədilər ondan, yenə gözləri onda, xısınlaşa-xısınlaşa pıqqıldaşdılar.
Malları qəbul eləyən - cavan, daz adam idi, hər bağlamadan çıxan geyimləri qəribə təlaşla gözdən keçirir, paltarları az qala gözünün içinə soxub tikişlərini barmağıyla bir-bir elə yoxlayırdı, elə bil hansısa cinayət işinin izinə düşmüşdü. Bəzi geyimləri burnuna tutub iyləyirdi də, az qalırdı dişləyib dadına baxa.
Piştaxtanın üstünə səliqəylə, öz cığaralarında, yanbayan düzdüyü paltarların üçünü də başdan-ayağa yoxlayıb doyandan sonra eynəyini çıxarıb Fatmaya baxdı. Elə baxdı, elə bil indi də Fatmanı yoxlamaq fikrinə düşmüşdü.
-Üçünə yüz manat… - deyib əlindəkiləri, zibil vedrəsinə atan kimi kənara tulladı.
Fatmanın gözləri böyüdü:
-Yüz manat?!..
Satıcının üzü bu sualdan əyildi, sonra elə bil ürəyi darıxdı, başı gicişdi. Başını qaşıyıb eynəyini gözünə taxdı:
-Axır qiyməti olsun yuz iyirmi. Daha ondan bir qəpik də artıq verməyəcəyəm. – dedi.
Bir müddət dinməz-söyləməz piştaxtanın bir kənarında necə gəldi üst-üstə atıldığından, gözünə xeyli köhnə görünən paltarlarına baxdı. Bu paltarların hər birinə bir ətək pul vermişdi, o pulu qazanmaqdan ötrü, aylarla gecə növbəsində qalmışdı, o pulları gündüzlər – yuxusuzluqdan başı bu divardan o divara dəyə-dəyə işləmişdi, boğazından kəsə-kəsə, min bir əziyyətlə yığıb düzəltmişdi.
-Axı mən…
Oğlan qəbzi yazmaq üçün hazırladığı qələmi hövsələsiz hərəkətlə piştaxtanın üstünə atdı:
-Bacı, vaxtım yoxdu. Razısan, pulunu verim, razı döyülsən yığ paltarlarını, xoş gəldin.
Saatına baxdı. Üçə işləyirdi. İndi Xədicə gövsələsi darala-darala, onun qarasına deyinə-deyinə gözləyirdi. Axırıncı dəfə dönə-dönə tapşırmışdı da ona: - «Orucluq ayı girənəcən gəlməsən, bil ki, gecikdin… » - demişdi.
Odu ki, başını aşağı salıb astadan:
-Razıyam. - dedi.



* * *


Maşın Binəyə çatar-çatmaz sürücü geriyə çöndü:
- Binənin harasına gedəcəksiz?..
- Bazarın arxa küçəsinə.
Sürücü bu dəfə güzgüdən baxdı ona:
-Xədicəgilə gedirsən?
Qızarıb özünü itirdisə də, özünü o yerə qoymadı. Saçlarını düzəldib pəncərədən çölə baxmağa başladı. Sonra da fikirləşdi ki, lap abrını itirib. Bu nə düşüklükdü eləyir?!.. Düşüb veyil-veyil bu küçələrin canına. Kim nə deyir girir başına.
-Yaxşı qazanır zalım… - sürücünün ürəyi deyəsən dolu idi.
- …
- Xədicəni deyirəm e… Keçən ay «24» aldı. Deyirlər, Mərdəkanda bir dənə villa tikdirib, gəl görəsən. Bacarana can qurban! Elə döyül, bacı? - sürücü deyib güzgüdən necə baxdısa arxaya, Fatmanın ürəyi düşdü, bilmədi «hə» desin, «yox» desin.
- Deyirəm, Allaha qurban olum, at olan yerdə ot yoxdu, ot olan yerdə at. O qədər mal, pul, var-dövlət… nə oğul var, nə qız. Kimə qalacaq bu boyda haqq-hesab? Deyirlər, neçə dəfə evini də aparmaq istəyiblər, amma zalım qızı o dəqiqə hiss eləyib, zəlil eləyib oğruları…
Fatma fikirləşdi ki, Allah bu Xədicənin ürəyinə qüvvət versin, onun da dərdinə əlac eləsin.



* * *


Xədicəgilin evinin qabağındakı növbə komisyon mağazasınındakı növbədən iki dəfə böyük idi, hamısı da arvadlar idi. Növbənin bir ucu, həyətdən çıxıb, bazaracan uzanırdı. Odu ki, axırdakılar, vaxtlarını boş yerə itirməyib, növbədən müvəqqəti aralanaraq, xımır-xımır bazarlıqlarını da eləyirdilər.
Qəribəydi ki, təyyarə meydanı da hardasa yaxınlıqdaydı. Dəqiqə başı, növbəyə dayananların başları üstündən, o yan-bu yana təyyarələr uçurdu deyə, ağız deyəni qulaq eşitmirdi. Hamı təyyarələrin gurultusundan bir-biriylə çığıra-çığıra danışırdı.
-Mənə demişdi cadu döşəyin içindədi, inanmadım. Gəldi, əliynən çıxartdı! – üzü, hamamdan çıxan kimi, qırmızı arvad danışırdı.
Arvadlar danışıb-danışıb arada bir onu süzürdülər. Elə bil burnuna baxırdılar, yoxsa bığlarını gözdən keçirirdilər, başa düşmək olmurdu.
Fikirləşdi ki, gərək vaxt tapıb Nazilənin yanına salsın özünü, bığlarını bir də saraltdırsın. Sonra da fikirləşdi ki, bığları, getdikcə daha tez qaralmağa başlayır, həm də elə bil perekisdən sonra qalınlaşır.
Əlini bığına aparıb tüklərin qalınlığını yoxladı. Bığları məftil kimi kimi idi. Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bəlkə birdəfəlik dibindən qayçılasın bu zibilləri?..
Xədicənin evi həmişəki kimi yarıqaranlıq və havasız idi... İç-içə açılan otaqlar adamla doluydu. Bayaqkı arvadların baxışlarından idi, ya Xədicənin deyəcəyi sözlərin xofundan idi, nəydisə, ürəyi çırpınırdı, qulaqları da elə gurulduyurdu, elə bil yan-yörəsindəki arvadlarla bir təyyarədə uçurdu.
Dəhliz də adamla dolu idi. Arvadlar dizi üstə cərgələrlə oturmuşdular, yerə döşənmiş xalça-palazın üstüylə diz-dizi sürünə-sürünə, növbəylə Xədicənin «hüzuruna» yaxınlaşır, orda, ətrafdakılar eşitməsin deyə, asta-asta sıtqıyıb ağlayır, dodaqları əsə-əsə dərdlərini pıçıldayırdılar. Xədicənin «taxtına» yaxınlaşdıqca elə də yazıq görkəm alırdılar, elə bil bayaqdan bəri həyətdə dil-dil ötüb, parça-parça danışan bunlar deyildi.
Xədicə, üzündə matım ifadəsi, noxudlarını əlində oynada-oynada, onları bir-bir dinləyir, sonra noxudları armudu stəkanın içinə salıb çalxalayır, zər atan kimi, qabağındakı balaca mizin üstünə atır, arada bir, o biri otaqlarda oturub növbə gözləməkdən darıxan, bir-biriylə əlüstü tanışlıq yaradıb, ordan-burdan mövzu sala-sala söhbətə girişən arvadların səsini kəsməkdən ötrü, əlini saxlayıb zil səsiylə o biri otaqlara:
-Sükut!!!.. – deyə çığırırdı. Sonra növbədəkilərin könlünü almaq üçün mülayıb səslə:
- Fikrim dağılır axı ay bacılar, belə olmaz axı?!.. – deyib yenidən noxudlara girişirdi.
Xədicə belə çığıranda arvadlar bir-birinin üzünə elə baxırdılar, elə bil bu dəqiqə nə isə olacaqdı, onları oturduqları bu rahat yerlərindən tərpədəcəkdlər, çölə çıxaracaqdılar, ya da hardansa bu balaca, yarıqaranlıq evə yoxlama gələcəkdi, acıqlı müfəttişlər içəri doluşub, bir-bir hamını sorğu-suala tutacıqdılar.
Növbə ona çatanda, hava artıq qaralmışdı, otaqların, dəhlizin künc-bucağında oturub hələ də növbəsini gözləyən ac, susuz arvadlar, yorğunluqdan hərəsi bir yana əyilmişdi. Hansısa qaranlıq, uzaq künclərin birində kimsə asta-asta xorulduyurdu.
Xədicə də əldən düşmüşdü, başını iki əliylə tutub oturmuqdu. Onu gözaltı süzüb o birilərə:
-Gedin tay, informassiyam kəsildi... – deyib, oturduğu döşəyin altından çıxardığı qara ləçəklə başını bərk-bərk bağlayıb sıxdı.
Arvadlar bir müddət qımıldanmadılar. Küncdə oturan kim idisə, o da ayıldı, yuxulu, xırıltılı səslə:
-Ay Xədicə, qurbanın olum, mən-bədbəxt ki, o başdannan burdayam. Uşaqları çölə töküb gəlmişəm…
Xədicə elə bil əvvəl arvadın zarıltısını eşitmədi, sonra qəfildən başını tutub gözüyumulu:
-Rədd olun!!! – deyib elə çığırdı, elə bil otaqlar lərzəyə gəldi. Arvadlar dinməz-söyləməz ayağa qalxıb, dinməz-söyləməz, kor-peşiman dağılışdılar.
Ayağa qalxmaq istəyəndə, Xədicənin əli dizinin üstünə qondu:
-Sən otur… - Xədicə, bir əli başında, gözləri döşəmədə, astadan dedi – sənə aidiyyatı yoxdu.
Arvadlar dağılışandan sonra, Xədicənin balaca evi elə bil böyüdü. Fatma baxıb gördü, sən demə, həmişə darısqallığından ürəyi sıxılan bu alçaq tavanlı otaq əməlli-başlı geniş bir yermiş.
-Hə, nə qərara gəldin?
Xədicə hələ də gözüyumulu danışırdı, əli hələ də başındaydı. Deyəsən bu dəfəki başağrısı lap möhkəmindən idi. Sonra gözünü açıb Fatmaya elə baxdı, elə bil qabağında oturanın o olduğunu indii başa düşdü. Ləçəyinin düyününü boşaldıb:
- İndi yaxşısan maşallah… - dedi - o dəfə zəfəran kimiydin. Hə, nə qərara gəldin, gedirik?..
Başını aşağı salıb dinmədi.
- Yoxsa bir qərara gəlməsisən hələ?..
- Gəlmişəm… - dedi – anama da demişəm.
- O nə dedi?
- Dedi, «gedin, görək nolur».
Xədicə dizinə çırpıb:
- Allah mərdimazarın evini yıxsın!.. - dedi, sonra yenə köhnə dərdi təzələndi – Məni bu günə mərdimazar qoymadı?!.. Gələ, bu gün-sabah əllim tamam olur, nə oğul var, nə uşaq. Bu boyda mal-dövlət, cah-cəlal, di gəl ki, yeyənim yoxdu bacım. Onu görüm ki əzizi çabalasın qabağında!
- Kimi?
- Mənə cadu-piti eləyən it qızını! O göydəki Allaha tapşırıram onu!.. - Xədicə deyib susdu, sonra gözləri yol çəkə-çəkə harasa uzaqlara baxdı - Bir gün elə-beləcə - camaat evin dağılışıb gedəndən sonra bu dörd divarın arasında bayquş kimi tək-tənha ölüb gedəcəyəm… ağlayanım da olmayacaq…
- Allah eləməsin.
- Bilirəm, qəbrimin üstə gəlsən, sən gələcəksən, böyrümdə oturub: «Can ay Xədicə» - deyib ağlayacaqsan.
Xədicə bunu deyib, gözündən gilə-gilə yaş axıtdı, iri-iri yaş damlaları mizin üstündə xırda bilyard daşları kimi dağınıq halda duran noxudların üstünə düşdü, sonra burnunu silib, heç nə olmayıbmış kimi, ayıq bir səslə:
-İndi qulaq as, gör, nə deyirəm. Ora - Ayın, buludsuz göydə par-parparıldadığı gecə getməliyik…
- Gecə?.. Qəbiristanlığa?..
- Hə də… Nədi, qorxursan yoxsa?..
- ...
- Bəsdi, ağəz, güldürmə məni. Yekə ar… yekə cuvənəzənsən. Ölüdən də adam qorxar?.. Sən dirilərdən qorx, bacım, sənə cadu eliyib taleyüvə şilt qatannardan qorx. Ölü sənə neyniyəcey?..
Fatma başını aşağı salıb ətəyinin güllərini didişdirdi:
-Amma bu dəfə pulun, hələ yüzünü verəcəyəm. Qalanını…
-Bəsdi, sən allah. Mən sənnən pul istədim, ay bacım?.. Versön də sağ ol, verməsön də. İllərlə çəkdiyün müsibəti ki, görürəm. And olsun o bir Allaha ki, sənün yoluvı bağlıyıb cadukunluq eliyən ifritəni gərək elə bimar eliyib yıxam yorğan-döşəyə ki, tay bir də ayağa qalxmasın!..
Boğazını qəhər tutdu, qəhərini udub Xədicənin üzünə baxdı, istədi ona nə isə isti bir söz desin, deyə bilmədi. Xədicənin ürəyi yanırdı ona, ürəkdən deyirdi bu sözləri. Olsun ki, yazığı gəlirdi ona. Hə, yazığı gəlirdi. Yazıqgəlməli idi də.
Xədicə noxudları ovucunda silkələyib bu dəfə döşəməyə - xalçanın üstünə atdı, atan kimi də, noxudların düzülüşünə baxa-baxa:
-Sənə tərəf gələn var, bacım… - dedi – Kimdisə, təmiz ürəynən gəlir a-a… Özü də lap yaxınındadı… lap belə beşcə addımlığındadı. Əbədilik gəlir yanına, sənə qovuşmaqdan ötrü gəlir. – sonra Xədicə noxudların düzülüşündə nə gördüsə, əlini şarappıltıyla mizin üstünə çırpıb – Qovuşursuz!.. – dedi – Özü də birdəfəlik!.. Şad-xürrəm həyat yolu görürəm… balaca balalar görürəm…
Xədicənin dediyi bu xoş sonluq – nə vaxtsa orta məktəbdə oxuduğu qədim, yaxşı nağılların sonluğunu xatırladırdı.
Xədicə başındakı ləçəyi açıb, bir də təzədən, bərk-bərk bağlayıb sıxdı, noxudları yerdən yığıb stəkana tökdü, yorğun-yorğun üzünə baxıb:
- Get bacım… başımın ağrısı diyəsən bərkiyir. - dedi, sonra ayağa qalxıb qəribə, sərxoş yerişlə olsun ki, yataq otağına getdi.
Xədicənin ardınca baxıb, ürəyi əzilə-əzilə fikirləşdi ki, doğrudan bu qədər adamın dərdini çəkmək – asan iş deyil.



***


Xədicəgildən çıxanda, yağış yağırdı. Həyətin torpağı, yağışın suyundan islanıb palçığa dönmüşdü, qara, gil kimi, ayaqqabılarının altına yapışırdı, onu rahat addımlamağa qoymurdu.
Həyətdən çıxıb, dayanacağa aparan palçıqlı yollarla sürüşə-sürüşə, bütün yolu Xədicənin dediyi «xoş sonluq» barədə fikirləşə–fikirləşə getdi. Yadına bir-bir, qonşu evlərdə yaşayan, səhər-axşam məhəllənin tinində dayanıb gələn-gedənə göz qoyan, tanıdığı, tanımadığı oğlanları saldı. Evlərinin tinindəki çörək dükanının bığlı satıcısından, göyərtisatanlardan, bir də, işlədiyi doğum evinin baş həkimi - çalsaç professor Cəbiyevdən savayı, yadına ayrı bir kəs düşmədi.
Evlərinə çatar-çatmaz, məhəllənin tinində, əlləri ciblərində dayanıb tum çırtlaya-çırtlaya, asta-asta söhbət eləyən oğlanlar onu görüb, tum çırtlamaqlarını saxladılar, ədəb-ərkanla salamlaşıb aralandılar, ona yol verdilər.
Gülağanın səsi həyəti başına götürmüşdü:
-Gecənin bu vaxtında hardadı bu başıbatmış?..
- Niyə çığırırsan, Gülağa?.. Olsun ki, apirasiyaya saxlayıblar, ya gecə növbəsi var… nə bilim?.. – anası dili topuq vura-vura deyirdi.
-Bəs niyə zəng eləmiyib?..
-İndi harda olsa, xəbər çıxar, hirsdənmə. Hər şeydən ötrü niyə çıxırsan axı özündən?..
Anasının səsi elə bil nəhəng küpənin dibindən gəlirdi. Gülağa içməyəndə anası həmişə elə bil qorxurdu ondan.
Gülağa yenə maykadaydı, onun həyətə girdiyini görüb hirslə evə girdi, qapını elə çırpdı ki aşağıda kiminsə pəncərəsinin şüşəsi çatladı…
Anasının rəngi avazımışdı:
- Harda qalmısan, ay bala? Saat doqquza işliyir?.. Bu, öldürdü məni axı?!..
-Ağır xəstə vardı… - deyib pilləkənləri tələsik qalxdı.
-Hə?..
-Ağır xəstə! – bir də, pilləkənlərin başından dedi, evə girib qapını elə bağladı, elə bil anası ardınca girməyəcəkdi evə.
Anası qapını açıb heç nə olmayıbmış kimi, içəri girdi, mətbəxə keçib, orda qazanların qapaqlarını taqqıldada-taqqıldada:
-Gülağa başa düşür ki, ağır xəstə nədi?.. – dedi, sonra ardınca - Əntiqə xəngal eləmişəm, yi, canun isinsin. – dedi.
-Yenə xəmir? Ay mə, keçən dəfə dedim axı xəmir eləmə, kökəlirəm?!..
-Nə didün?
- Xəmirin, bilirsən, nə boyda zərəri var, insan bədəninə?..
Anası üzünü turşutdu:
- Onu kim diyir?.. Müsəlmanlar ilmi dam xəmir yiyiblər, hamıdan da qüvvətdi olublar. Hamıdan çox yaşıyannar da olardı. Müsəlman xörəyi yi bala, o salat-malat boş şeylərdi. Samballı xörəy yi ki, ürəyində qut olsun.
-Qut nədi?..
-Qut?!.. Yəni ki, taqət, qüvvət! – anası deyib, deyəsən sulu xəngal dolu qazanı süzgəcə boşaltdı, balaca mətbəxin buğu evə doldu.
Yataq otağına keçib, paltarını söyundu:
- Yenə qüvvət… - anası eşitməsin deyə, ağzının içində dedi – elə bil güləşçi-zadam…
Stolun üstündə yenə iki iri bulud buğlanırdı… Buludun biri anasının qabağındaydı. Anası, o gələnəcən buludu yarı eləmişdi, indi də yeyə-yeyə, çəngəlini xəngalın içində gəzdirib, bir-birinə yapışan xəngalları səliqə ilə ayırmaqla məşğul idi.
-Məsməyə də verdim. Didim, iy gedər birdən, şişib-eliyər yazıq, zahıdı... – anası deyib ağzındakını marça-murçla elə yedi ki, acından ürəyi sivrildi.
Çəngəli əlinə götürüb xəngala girişdi. Anası ona baxıb yeyə-yeyə:
- Əcəb qəşəngləşmisən… - dedi – yanaqların quba almasına oxşıyır.
Çönüb, servantın şüşəsinə düşən əksinə baxdı. Servantın şüşəsində üzü göyümtül rəngə çalırdı. Ya işıq belə düşürdü?!..
- Doşablı xəşil yiyəndə, yanaqların həmişə belə allanır, bax. – anası fərəhlə deyib stolun üstündəki içi, ərinmiş yağ dolu balaca fincanı buludun üzəriylə gəzdirə-gəzdirə xəngalın qalan hissəsini yağladı.
Soyuducunun üstündəki balaca televizorda «Qız qalası» baletini göstərirdilər. Rəngbərəng tül paltarlar geymiş incə qızlar dırnaqlarının ucunda fırfıra kimi fırlana-fırlana rəqs edirdilər.
Anası xəngalı bitirib, başındakı çit örpəyin ucuyla üzünün tərini sildi, televizorda rəqs edən balerinalara baxıb:
- Xəngalı bulara yidirtməy lazımdı bax, bir az əmələ gəlsinlər. Üzləri çay qaşığı boydadı.
Qızlar anasının bu sözündən coşub bir az da həvəslə fırlanmağa, kəpənək kimi yüngül, pərvazlı sıçrayışlarla səhnənin bu başından o başına tullanmağa, ayaqlarını göyə qaldırıb, pərgar kimi hərlənməyə başladılar.
-Uy Allah göstərməsin, bular niyə belə elədilər?..
Fikirləşdi ki, indi həmin bu qısa, tül paltarlardan birinı də onun əyninə geyindirsəydilər… Sonra bunu gözünün qabağına da gətirdi. Əynində, bədəninin, ayaqlarının bütün cizgilərini bütün dəqiqliyi ilə göstərən tül paltar, qaça-qaça səhnənin bir başından o biri başına tullanır… paltarın, kəpənək qanadalı zərifliyində əlvan balaqları dalğalanıb havaya qalxır və onun kök budlarını çöldə qoyur… səhnə, onun təpiiklərinin ağırlığından cırıldayıb, ləngərə düşən gəmi göyərtəsi kimi əyilir… «kəpənək – qızlar» başlarını tutub, vahimə içində: «Boje moy! Boje moy!» - deyə-deyə o yan-bu yana qaçışırlar... tamaşaçılar ayağa qalxıb: «Bu kərgədanı bura kim buraxıb?..» - deyə qışqırışırlar…
Fikirləşdi ki, yəqin ki, belə olardı. Ayrı necə olacaqdı ki?!.. Bu nərmənazik qızlar kəpənək idilərsə, o – eni-uzunu bilinməyən, yöndəmsiz kərgədan idi. Sonra da xəngalı yağlaya-yağlaya fikirləşdi ki, kərgədan olsaydı, dərdi nəydi ki?! Kərgədanların hamısı bir cür olur, gözəli-kifiri, ağı-qarası, kökü-arığı olmur. Yeyib-içib, baş-başa verib sürüylə yatırlar özləriyçün. Nə saçlarını rəngləyirlər, nə bığlarını saraldırlar, nə də kökəlməkdən qorxurlar…
Qapıları astaca döyüldü. Gələn – alt mərtəbədəki qonşudarı Rza kişiydi. Rza kişi o qədər qoca idi ki, danışmağa heyi demək olar ki, yox idi. Odu ki, gününü səhər-axşam balaca, birotaqlı evində keçirirdi, hərdən bir də, əl-ayağı əsə-əsə yuxarı – onlara qalxırdı, içəri keçib dinməz-söyləməz bir küncdə otururdu, anasının, Nuh əyyamından qalmış naftilin iyli söhbətlərinə qulaq asırdı, sonra başı, çənəsi əsə-əsə, qabağına qoyulan çaydan-çörəkdən yeyib eləcə titrədə-titrədə də düşüb evlərinə gedirdi.
Rza kişi içəri girib cərəyan vurmuş kimi dayanıb qaldı, elə bil bir az da yeriməyə heyi çatmadı, elə qapının ağzındaca altına keçən balaca kətilin üstünə oturdu.
–Gəl, ay Rza… orda niyə oturdun? - anası deyib deyəsən üçüncü buludu gətirmək üçün mətbəxə getdi, bir neçə dəqiqədən sonra, əlində, təzə xəngal süzülmüş bulud buğlana-buğlana içəri girdi, buludu stolun üstünə qoyub, fincandakı ərinmiş yağı üstündə gəzdirdi, sonra keçib öz yerində oturdu, öz xəngalını yağlaya-yağlaya, yarımaçıq ağzıyla dağ-divara baxan Rza kişiyə:
- Qabağa gəl… - dedi - yi, canı\uva isti gəlsin, ay Rza.
Fikirləşdi ki, görəsən niyə anası hamını yedirdib-sidib, qüvvətləndirirdi?!.. Müharibəyə hazırlayırdı nədi, camaatı?..
Rza kişi xəngalı dişsiz ağzıyla dinməz-söyləməz elə yedi, elə bil haçandan bəri bu xəngalın həsrətindəydi. Anası öz xəngalını bitirib, boşqabının yağını barmağıyla sivirib ağzına qoyandın sonra stulun söykənəcəyinə söykənib, əllərini qarnının üstə cütləyib dinməz-söyləməz, xüsusi bir ləzzətlə Rza kişinin yeməyinə tamaşa elədi. Rza kişi sonuncu xəngalı qaşıqlayıb ağzına qoyandan sonra ayağa qalxıb, buludları bir-birinin üstə yığdı, mətbəxə aparıb, ordan çayla qayıtdı. Rza kişi isə o, gələnəcən həmin yarımaçıq ağzıyla televizordakı baletə baxdı. Anası çayı Rza kişinin qarşısına qoyandan sonra yerinə oturub əlini çənəsinə vurdu, nəfəsini dərib:
- Hə, indi danış görüm, nə var-nə yox. – dedisə də, Rza kişinin yarımaçıq ağzı bağlanmadı, bayaqdan televizorun ekranına zillənən gözlərinin ifadəsi də dəyişmədi. Onda anası öz çayından bir qurtum alıb, dil-dodağını yalayıb xüsusi bir ləzzətlə bu həyətin tarixindən, könə məhəllənin artıq ölüb-getmiş adamlarından, onların, «qorxulu nağıllar»-ı andıran vahiməli həyatlarından danışmağa başladı.
Dəfələrlə eşitdiyi bu «hekayətləri» yüzüncü dəfə eşitməməkdən ötrü, ayağa qalxıb yataq otağına keçdi, orda yerinə girib, təzəcə aldığı «Gözəllik səadəti» jurnalını vərəqləməyə başladı. Rəngli, illüstrassiyalı jurnalın səhifələrinə səpələnmiş incəbel qızların geyimlərinə, saç düzümlərinə baxa-baxa, anasının, o biri otaqdan eşidilən sirli səsi qulağında yuxuya getdi…
Yuxuda, qəfildən incəlib qolu yoğunluğunda olan belinə, nazik, biçimli ayaqlarına baxa-baxa, əynindəki narıncı tül paltarında hərlənə-hərlənə hey oynayırdı… çəkisiz bədəniylə havaya atılır, orda, quş tükü kimi yüngül-yüngül süzür, sonra başı hərləndiyindən, bir təhər çalışıb özünü yerə endirir, qayğısız səadətlə dırnaqları üstə fırlanırdı… Rəqs bitib başa çatandan sonra isə qəfildən baxıb görürdü ki, sən demə, bayaqdan bəri havaya qalxıb-yerə enən, quş tükü kimi çəkisiz bədəniylə dırnağı üstə hərlənən o yox, bayaq televizorda, tül paltarlarda süzən həmin kəpənək – qızlardan biridi. Onda ayağa qalxıb ha atılmaq istədi, alınmadı… zindan kimi yoğun ayaqlarını yerindən tərpədə bilmədi, güzgüdə özünə baxıb gördü, həmin kərgədandı ki, kərgədandı…
Yuxudan, ürək bulanmasına ayıldı… Xəngalın yağı idi, boğazının yolunda qaynayırdı…
O biri otağa açılan qapının arasından stolun yarısı, bir də Rza kişinin başı görünürdü. Rza kişi ağzının içində duayabənzər nə isə deirdi, anası da əllərini qoltuğuna vurub dərdli-dərdli yellənə-yellənə ona qulaq asırdı. Sonra Rza kişi duasını bitirib ayağa qalxdı, gəldiyi ləngərli yerişlə, divarlara dəyə-dəyə çıxıb getdi. Rza kişi gedəndən sonra anası televizoru keçirib içəri girdi, örpəyinin ucundakı düyünü aça-aça:
- Bu kişinin duası köməyin olsun… - dedi - gərək bir gün diyim, tüpürsün üzüvə…
Dik atıldı:
-Mənim üzümə?..
-Onun tüpürcəyinin bilirsən, nə boyda gücü var?! O boyda millət onun tüpürcəyinə axışıb gəlir. Hamısı da şəfa tapıb gedir. Onun cəddinə qurban olum.
Anası xalatını soyunub, gecə köynəyini geydi, işığı keçirib hıqqıldaya-hıqqıldaya yerinə girdi.
- Allaıh onu bu həyətdən əskik eləməsin. – dedi.
Fatma isə təsəvvürünə gətirdi, necə Rza kişi, həmin o dişsiz ağzıyla onun üzünə tüpürür və bundan ürəyi lap pis bulandı.



* * *



Gecə həmişəki kimi, anasıyla üz-üzə, burun-buruna uzanmışdı. Anası, otağın qaranlıq sakitliyinə qəribə xışıltı sala-sala, astadan elə danışırdı, bilmək olmurdu, yuxuda danışır, ya onunla söhbət eləyir.
- Ölünün gözünü yummaq üçün gərək əmlli-başlı dəstəmaz alıb pak olasan. Bir də ölüdən gərək qorxmayasan. Çünki, axı ölü də diridi, bizim kimi ətdən-sümükdən ibarət insandı. Onda olmayan - bircə nəfəsdi. Ölünün qulağı da bizimki kimi eşidir, saçları, dırnağı da, torpağa qoyulandan sonra da bizimki kimi uzanır. Anam keçinəndə, yadımdadı, sinəmi cırıb necə qışqırdımsa, bir də gördüm, meyidin sol gözünün yanıyla yaş damlası süzüldü.
Bura çatanda, elə bil anasının da gözündən yaş damlası süzüldü. Anası yorğanın ucunu çəkib gözünün altına basdı.
- Anam da… yazıq anam… Anam olsun ki, özüyçün ağladı. Bilirdi axı, məndən savayı ağlayası adamı yoxdu, bacıları da qardaşları da dünyanın o üzündədi.
Anası ölülərlə bağlı bu davranma qaydalarını axır vaxtlar demək olar, hər gecə, yuxuya getməzdən əvvəl, ya da bəlkə artıq yuxuda danışırdı. Onu da çığırıb ağlamağa hazırlayırdı, nədi?! Hər gecə də bunu yuxulu səslə danışmağa başlayırdısa da, axır-axıra kürəyi üstə çönüb, iri-iri açılan gözlərini tavana zilləyə-zilləyə qalırdı, yuxusu ərşə çəkilirdi.
Fikirləşirdi ki, anası öləndə, neyləməlidi?.. Necə çığırmalıdı, nə deyib çığırmalıdı?! Bir də ən pisi o idi ki, anasının ölüm xəbərini eşidəndə «pəpə» deyəndən, «məmə» deyənə bütün məhəllə tökülüşüb evlərinə gələcəkdi, anasının meyitini dövrəyə alıb, gözlərini ona zilləyəcəkdilər, görsünlər, o necə ağlayacaq.
- Məni məsçidə – yumağa aparanda, bax, nə badə mürdəşirlə tək qoyasan. İndi tay mürdəşirlərin də zayı çıxıb. Meyidi ki, yiyəsiz gördülər, vəssalam! Necə gəldi yuyub kəfənniyillər. Ölü də ki, təmiz yuyulmadı, nəyə lazım? Qəbir əzabları çətinləşir. Olsun ki. lap Cənntə yolu da bağlanır. Bir də, deyilənə görə, ananın meyidi yuyularkən, qızı iştirakçı olarsa, yeri behiştlik olar.
Anası sözünün bu yerində əlini yorğanın altından çıxarıb salavat çevirdi. Sonra üstündən beşcə dəqiqə keçmədi ki, ağzının içində xırda-xırda xoruldamağa başladı. Anası indi beş-on dəqiqə beləcə açta-açta mürgüləyəcəkdi, sonra dərin yuxuya gedəcəkdi, sonra həmin o dərinliklərdə xorna çəkib, öz xorultusuna dik atılacaqdı və heç nə olmayıbmış kimi, sözünə davam edəcəkdi.
- Mürdəşirin payını da ayırmışam. Bir kəlağayı, bir cüt corab, bir dəst ipək gecə köynəyi.
- Bunu neçə dəfə demisən ana, mənə?
- Taxçadadı, sarı butalı boxçaya büküb qoymuşam. Açan kimi görəcəksən.
Bu sarı butalı boxça haqqında, onun içindəkilər haqqında da anası demək olar, hər gecə, yuxuya getməzdən əvvəl, yarımürgülü səsiylə danışırdı. Elə bil mürdəşirdən, içi mürdəşirin pay-pürüşü dolu boxçasından danışdıqca, rahatlanırdı. Anası bir neçə dəfə həmin o boxçanı açıb içindəkiləri ona göstərmişdi də. Mürdəşirə aldığı mavi ipəkdən gecə köynəyini əyninə geyib evin içində o baş-bu başa gəzinmişdi, sonra soyunub boxçasını səliqəylə düyünləmişdi.
- Bir də deyirəm. Məni yerdən götürəndə, üstümə ayrı molla çağırılmasın. Bu dəqiqə mollaların da zayı çıxıb. Rza kişiyə tapşırmışam, İnş Allah, özü aparacaq məclisimi. Quranımı da o tapşıracaq.
Sonra anası mürdəşirlə bağlı yenə nə isə dedi. Yuxudan ağırlaşan dodaqlarının altında dedi deyə, Fatma bircə söz də başa düşmədi. Bir də möhkəm yorulmuşdu, gözünün içi acışırdı.
…Növbədə həmişəki kimi adam çox idi. Həmişəki kimi, çoxu da qızlar, orta yaşlı qadınlar idi. Çəkmələrin dik dabanları hamını əldən salmışdı. Neçə saatdan bəri ayaq üstə dayanmaqdan yorulub bir-birinə söykənmişdilər. Onun da ayaqları partlamağa gəlirdi.
Əyilib ayaqlarına baxdı. Yuxarıdan baxanda, damarları, mavi ilbizlər kimi üfürlənmiş qıçları, qıçdan başqa nəyə desən oxşayırdı.
Növbə ona çatanda, içəri otaqda piştaxtanın arxasında dayanan ağ xalatlı cavan qız onu içəri buraxıb əvvəl boynunu, sonra belini, sonra da burnunun enini, uzununu ölçüb kağızda nə isə qeyd elədi, sonra seyfdən çıxardığı balaca möhürü ilə möhürlyib ona uzatdı:
- Burda soyunun. Soldan ikinci qapı...
Həyəcandan dizləri əsə-əsə soyunmağa başladı.
Qız eynəyini çıxarıb ona tərs-tərs baxdı:
-Tamam, tamam soyunun, - dedi, əlini öz döşlərinin üstə qoyub - onu da çıxarın. – dedi.
Xəcalətdən qarala-qarala soyunub, pal-paltarını səliqə ilə üst-üstə yığdı, yalın ayaqlarını soyuq döşəməyə qoya-qoya getdi. Sola dönüb qapını döydü. Hay verən olmadı. Sonra qapı elə bil özü-özünə açıldı.
Dörd tərəfi güzgülü, gur işıqlı otaq idi. Ağ xalatlı, ağ papaqlı iki qadın əlləri bellərində qapıyla üzbəüz dayanıb olsun ki, onu gözləyirdilər. O içəri girən kimi:
-Yaxın gəl. – deyib özləri də qabağına yeridilər.
Yalın döşlərini əlləri ilə örtə-örtə, utana-utana bir-iki addım atıb dayandı.
Ağ xalatlı qadınlar onun əllərini çəkib yanlarına saldılar, çənəsini yuxarı qaldırıb diqqətlə boynuna, sonra dişlərinə, gözlərinin içinə və qulaqlarına baxdılar. Sonra qol-qıçını, qarnını əlləşdirə-əlləşdirə, öz aralarında, onun başa düşmədiyi dildə nə isə danışdılar.
Sonra qadınlardan biri:
- Qanını yoxlamaq lazımdı. Üzündəki ləkələr nə isə xoşuma gəlmir. - deyib o birinin üzünə baxdı.
O biri, bir qədər alçaqboylusu narazı üzlə başını yelləyib:
- O sonranın işidi. Birinci növbədə bu həll olunmalıdı. – deyərək, onun burnunu sıxıb-buraxdı.
Balaca qadın bunu deyəndə, o biri qadın əlini cibinə atıb ordan, dərzi qayçısına bənzər iri qayçı çıxartdı, havanı kəsən kimi, çaq-çaq çaqqıldadıb ciddi üzlə:
-İndi həll edərik. – dedi və elə bil onun burnunu kəsməyə hazırlaşdı.
Sonra qayçının, çaqqıldadıqca uzandığını öz gözləriylə gördü… Qayçı açılıb yumula-yumula bir xeyli böyüdü, enləndi, qayçıdan çox, yabaya oxşamağa başladı.
Vahimədən ürəyi əsə-əsə balaca qadının böyrünə qısıldı, soyuqdan, ya qorxudan nəfəsi itə-itə:
-Lazım deyil, xahiş eləyirəm… - dedi – yalvarıram, eləmiyin…
Balaca qadın onu özündən kənara itələyib qəribə qorxunc səslə:
- Necə yəni lazım deyil?.. – dedi - Nə lazım deyil?.. Onda burda nə cəzirsən? Ələ salmısan bizi, nədi? Yoxsa bilmirsən, bura niyə gəlirlər?..
Dəhşətdən boğazı qurumuşdu, ayaqlarını hiss eləmirdi. İndi bu olmayan ayaqları ilə heç hara tərpənə bilmirdi. Odu ki, qadınların ürəyini almaqdan ötrü lap astadan:
-Bilirəm… - dedi - sonra üzünü tutub hönkür-hönkür ağladı.
- Kəs səsini, həyasız! Bunun ağlamağına bir bax!
Qadınlar ikisi də bir səslə danışırdılar. Elə bil ikisi bir adam idi.
Ağlaya-ağlaya dizi üstə düşdü, sinəsini saçlarıyla örtüb:
- Daha ərə getmək istəmirəm. - dedi – Vallah düz sözümdü, istəmirəm.
Qadınlar isə elə bil ondan əl çəkmək fikirində deyildilər, eynəklərini gözlərinə taxıb, qollarını çirmələyib onun üstünə yeriyirdilər. Həm lap yaxındaydılar, həm də qəribədi ki, hələ də ona sarı gəlirdilər.
-Bilirik, nə istəyirsən…
Xəcalətdən saçlarının dibinəcən tərləyib islanmışdı. Qadınlar ona çatanıb biri saçından, o biri əl atıb bığını dartdılar ətürpədən civiltiylə:
- Saçlarını da, bığlarını da bundan ötrü saraldırsan, bilirik!..
Balaca qadın qolunu çimdiklədi:
-İki gündən bir falçılara da bundan ötrü qaçırsan, bilirik!..
Sonra nə oldusa, qadınların hər ikisini tanıdı. Hündür, arıq arvad - iyirmi il bundan əvvəl oxuyub bitirdiyi orta məktəbin direktoru Bikə müəlliməydi. O biri balca qadın – dərslərindən tez-tez qaçdığı, botanika müəllimi Suğra Salamovaydı. Odu ki, məktəbdə elədiyi kimi, ayağa qalxıb gözlərini ova-ova:
- Bir də eləmərəm, Suğra müəllimə. Vallah-billah, atam canı, anam canı… - deyib balaca qız kimi ağladı.
Bikə müəllim əl atıb, indi də onun hörüyündən yapışdı, hörüyü biləyinə dolayıb, sivri çənəsini onun üzünə yaxınlaşdırdı, xırda gözlərini ağardıb:
- Bir də səni o bərbərxanaya girən görsəm a!.. – dedi və ardını demədi.
Bikə müəllimənin üzünü lap yaxından gördü… nəfəsinin naşatır iyindən başı hərləndi… ürəyinin yığılıb, kiçilib balacalaşdığını, qorxudan əsim-əsim əsib sinəsinin içinin içindən ölü sərçə kimi asıldığını hiss elədi.
Onda Bikə müəllimə gözlərini qıyıb:
- Bu nə deməkdi?!.. – dedi - Ürəyini niyə sıxdın?.. - sonra əlini uzadıb sinəsinin içinə saldı, ürəyini, meyvəni budaqdan üzən tək, üzüb götürdü, qırışlı ovcunun içində saxlayıb qulağına tutdu, sonra ovcunu açıb, əlinin içindəkini Suğra müəlliməyə göstərəndə baxıb gördü, Bikə müəllimənin ovcundakı həqiqətən bapbalaca, boz sərçədi. Bikə müəlimmənin ovcu açılan kimi, sərçə balaca qanadlarını çırpa-çırpa uçub getdi... o da beləcə - bomboş sinəsiylə, ürəksiz, nəfəssiz halda qoca müəllimlərin ayaqları altına yıxılıb qaldı… sonra elə ordaca havasızlıqdan boğula-boğula çırpınıb çabaladı və yuxudan tər-qan içində ayıldı…
Anasının kök biləyi üzünə dirənib onu nəfəs almağa qoymurdu… Yorğanı üstündən atıb dərindən nəfəs aldı, çönüb anasına baxdı. Anası olsun ki, yuxuda hansısa dənizin qumlu sahillərində, ya da bağlarının qumsallıqlarındaydı, qollarını yana açıb özünü günə verirdi.
Ürəyi hələ də sinəsini, qapını döyən kimi döyə-döyə çırpınırdı. Elə bil sinəsinin içində doğrudan sərçə vardı, havasızlıqdan, ya nədənsə çırpınıb çölə çıxmaq istəyirdi. Təngiyən nəfəsini bir təhər nizama salıb fikirləşdi ki, bu nə yuxulardı axır vaxtlar görür?.. Bikə müəllimə hardan gəlib girmişdi yuxusuna? İndi ki, Allaha şükür, daha məktəbə getmirdi, nə onu, nə də əzazil Suğra müəllimənin üzlərini görüb-eləmirdi?!.. Sonra yadına, bayaq evə qayıdanda, məktəbin qaranlıq həyətindən ötüb keçməyi düşdü. Həmin o həyətdən iyirmi iki il əvvəllər ötəndə ürəyi necə sıxılmışdısa, eynilə həmin sıxıntıyla sıxılmışdı. Məktəbin binası iyirmi iki il əvəlki kimi yenə dustaqxanaya, dəmir qəfəsli pəncərələrindən çölə baxan məktəbli uşaqlar yenə məhbusa oxşayırdılar. Uşaqların üzü yenə eləyidi, elə bil ayaqlarında ağır qandallar vardı. Bayaq məktəb binasının qabağından ötə-ötə yenə yadına, Bikə müəllimənin hər səhər, üzündən zəhər yağa-yağa məktəbin zindan kimi ağır, hündür qapıları qarşısında dayanıb, əllərində balaca çantaları, dərsə gələn uşaqları bir-bir yoxlamağı da düşmüşdü. Cibindən siqaret çıxan oğlanların bir tərəfə, dırnaqları manikürlü qızların o biri tərəfə yığılmağı, oğlanların dərsə buraxılmamağı, qızların dırnaqlarının Bikə müəllimənin, cibində həmişə ehtiyat saxladığı iti ülgüclə qaşınmağı...
Sonra yadına, bu yarıqarnlıq, ürəküzən mənzərələri, məktəbi bitirəndən çox-çox sonralar da, yuxularında görməyi düşüdü. Demək olar, hər yuxuda Bikə müəllimə əlində həmin o ülgüc, onu ala-qaranlıq məhəllələrinin dar küçələriylə izləyirdi. O, ürəyi əsim-əsim əsə-əsə, qorxudan bədəninə soyuq tər gələ-gələ qaçıb özünü məktəbin həyətinə salırdı… qaça-qaça əlcəklərini çıxarıb, dırnaqlarını yoxlayırdı, görsün manikürlüdü, ya yox… sonra uşaq axınına qoşulub özünü məktəbin binasına salırdı… qapıdan - Bikə müəllimənin gözünün qabağından, çənəsinin altından keçb gedirdi... Bikə müəllimə elə bil görmürdü onu, ya görürdü, özünü görməzliyə vururdu?.. Sonra çox keçmirdi ki, hardansa arxadan, Bikə müəllimənin, dəhlizin özü uzunluğunda qırmağabənzər dəmir əli uzanıb maqqaş kimi köynəyinin ətəyinə ilişirdi, onu uşaqların içindən sivririb dəhliz boyu sürüyə-sürüyə geriyə aparırdı… gətirib həmin nəhəng giriş qapısının ağzında - Bikə müəllimənin çənəsinin altında saxlayırdı... Bikə müəllimə bir müddət gizli, yandırıcı həzzlə yuxarıdan aşağı onun üzünə, balaca, cılız vücuduna baxa-baxa gözlərini qıyıb elə bil onunla nə edəcəyini fikirləşirdi, sonra cibindən ağ burun yaylığını çıxarıb, az qala üzünün dərisini soya-soya yanağını silməyə başlayırdı, sonra yaylığı bayraq kimi yuxarı qaldırıb bütün məktəbə nümayiş etdirə-etdirə, üzünün rəngi qürurdan, fərəhdən ağara-ağara, dörd bir yana əks-səda verən səsiylə:
- Buyurub baxa bilərsiz! – deyirdi. Sonra o baxıb görürdü, sən demə, bayaqdan məktəbin qapısında yox, şəhərin ortasında, Qız qalasının başındadılar. Aşağı adamla doludu. Anası da adamların arasında dayanıb ağlamaqdan qızarmış gözləriylə ona baxır… qardaşları da, bütün qohum-əqraba, məhəllə qonşuları, hamı budu burdadı… nəfəslərini saxlayıb, Bikə müəllimin, bayraq kimi dalğalandırdığı burun yaylığına, sonra dəhşətdən, təəccübdən, nifrətdən böyümüş gözlərlə ona baxırlar…
Bikə müəllimə hər yuxunun sonunda beləcə qalib gəlirdi… necəsə haqlı çıxırdı… Bikə müəllimənin burun yaylığı onun yanağının qırmızılığını hansı möcüsəyləsə canına çəkib qızarırdı… və yuxu, Bikə müəllimənin, həmin qalib üzlə ona sarı çevrilib hansısa dramatik aktrisanın təsirli səsiylə:
- Buyur, hamı səni gözləyir. – deməyi ilə və onun Qız qalasının məhəccərinə dırmaşıb ordan özünü aşağı atmağıyla… bir xeyli havada uçub sonra ehmal-ehmal dənizə enməyiylə bitirdi. Anası isə hər belə yuxudan sonra: «Yuxuda dəniz görmək - aydınlıqdı…» - deyirdi.
Yerində qurcalana-qurcalana fikirləşdi ki, qəribədi ki, həmin bu yuxunu bəlkə iyirmi dəfə görüb. Olsun ki. hələ yenə nə vaxtsa bir də görəcək. Gör bir neçə illər keçirdi üstündən?.. – fikirləşdi. Bikə müəllimə öz «məhbus – məktəbiylə» isə yadından, yuxularından çıxmırdı ki, çıxmırdı.
Sonra yenə ürəyi sıxıla-sıxıla başa düşdü, niyə bu yuxunu belə tez-tez görür. Bikə müəllimənin bir dəfə dərsin ortasında sinfə girib həmişəki qorxunc üzüylə onu uşaqların arasından seçməyi, lövhənin qarşısına çıxarıb ağ burun yaylığıyla yanağını sürtməyi, görünür, onun uşaq yaddaşına həmişəlik, əbədilik həkk olunmuşdu. Onda yanaqları necə göynəyirdi ilahi?!.. Həmin gün yanaqları onsuz da, məktəbə gələrkən səhərin şaxtasından donub, isti dəydikcə sızıldayırdı. Bikə müəllimənin, nişastası artıq düşən cod yaylığı, yanağının sızıltısını mişiarlayıb gözünü yaşardırdı… Onda yadına gəlir, yanağından «bir şey çıxara bilməyən» Bikə müəllimə, özünü itirməyib uşaqlara:
- Bunun boyuna bax, yanağının rənginə bax!.. - demişdi və heç kim də başa düşməmişdi ki, Bikə müəllimə nə deyir.
Yadına gəlir, o gün bütün dərsi ağlamışdısa da, bu barədə evdə bir söz deməmişdi, amma gecə həmin o qorxulu yuxusunu görmüşdü...
Bikə müəlliməyə, bu sayaq prinsipial intizam metoduna görə, o vaxt orden də vermişdilər. Bikə müəllimə o ordeni, yay-qış fərəhlə yaxasında gəzdirirdi. O ordendən sonra Bikə müəllimə elə bil bir az da əzazil olmuşdu, çənəsi bu ordendən sonra elə bil bir az da sivrilmişdi, itiləşmişdi. Odu ki, o illər, yadına gəlir, Bikə müəllimə dəhlizdə görünəndə, hərə öz sinfinə girib gizlənirdi, məktəb bomboş boşalırdı, elə bil ölürdü.
Fikirləşdi ki, görən Bikə müəllim niyə elə əzazil idi?.. Uşaqlardan, ələxüsus da ondan elə bil nəyinsə, kiminsə qisasını alırdı?.. O vaxtlar deyirdilər, guya Bikə müəllimə aman-zaman bircə oğlunu da nə üstəsə tutdurmuşdu. Milisə zəng vurub gecə ilə evdən məntəqəyə apartdırmışdı. Səbəbi isə, sonrakı illər də Bikə müəllimənin ən yaxın adamlarına belə sirr qalmışdı. Deyilənə görə, sonralar oğlu dustaqxanadan qaçmışdı. Hara qaçmışdı, necə qaçmışdı, bursı da məlum deyildi.
Qaranlığın içindən iki yaşıl düymə parıldadı, sonra pişiyin, pəncərə cırıltısını andıran cır miyoltusu eşidildi.
Fikirləşdi ki, yenə yaz gəlir. İndi düz bir ay baş-qulaqları pişiyin zarıltısından dəng olacaq. Sonra da fikirləşdi ki, bəlkə gedib bir yerdən erkək ev pişiyi tapsın, gətirib evləndirsin bunları?..
Səhər açılırdı. Uzaqdan azan səsi eşidilməyə başladı. Anası azan səsinə ayılıb yerinin içində qurcalandı, nəfəsini dərib:
-Ya Allah!.. – dedi, dikəlib yerinin içində oturdu, ağzının içində lap astadan:
- Əlhəmdülillah… - deyib başmaqlarını geyindi, ayağa qalxıb, başmaqlarını sürüyə-sürüyə mətbəxə getdi.
Fikirləşdi ki, anası azan səsini necə eşidir? Ayrı vaxt bir sözü on dəfə bərkdən-bərkdən təkrar eləməlisən ki, eşitsin. Anası azan səsinə oyanmağa adət eləmişdi görünür.
Pişik aşağı küncdə haranısa cırmaqlaya-cırmaqlaya zarımağa başladı.
Balışı qulağına basıb o biri böyrü üstə çöndü. Pişiyin səsi balışdan da keçirdi.



* * *



Gəlinin üzü çilli idi, iri qarnını əlləriylə elə qucaqlamışdı, elə bil qucaqladığı qarnı yox, içi çini qabla dolu iri boğça idi, qorxudurdu toxunub sındırarlar.
Həkim gəlinin şəffaf qolunu o üz-bu üzünə çevirib:
- Damarlar çox nazikdi, həm də üzdən gedir. – dedi və ona baxdı, elə bil gəlinin damarlarını o naziltmirşdi.
İynəni həkimin göstərdiyi yerə - damarın nisbətən qalın hissəsinə keçirib dərmanı yeritməyə başlayanda, gəlinin qarnının, nəhəng ürək kimi döyündüyünü hiss elədi. Əlini qarının döyünən hissəsinə qoydu və körpənin balaca yumşaq ayağı ovcunu təpiklədi, noxud yumruqları barmaqlarını qıdıqladı.
- İncitmir?
Gəlin başıyla «yox» dedi. İynəni çıxarıb yerini spirtlədi. Sonra, ayağa qalxıb aramla geyinən gəlinin, qarnına uyuşmayan incə belinə baxa-baxa fikirləşdi ki, doğuşu çətin keçəcək, çünki çanağı dardı.
O biri otaqdan həkimin səsi eşidildi:
- İki ampula qükoza!..
O biri otaqda, ginekoloji kresloda uzanan cavan qadının rəngi boğulmuşdu. Arada bir, heysiz səslə, yanında döyükmüş üzlə dayanan yaşlı qadına nə isə deyə-deyə, pis-pis zarıyırdı.
-Təzyiqi çox aşağıdı. - həkim əlini qadının qarnına, stolun üstünə qoyan kimi qoyub, danışa – danışa ona baxırdı.
Əvvəllər, yadına gəlir, professorun belə baxışlarından çaşıb özünü itirirdi, pörtüb qızara-qızara, nə elədiyini bilmirdi, evə də başı hərlənə-hərlənə gedirdi. Gecələr yuxusu ərşə çəkilirdi, yerinin içində səhərəcən vurnuxa-vurnuxa, arvadı bir neçə il bundan əvvəl ölmüş dul professorun baxışlarının mənasını təhlil edib dönə-dönə araşdırırdı. Bir ara dəqiq hiss eləyirdi ki, professor ona aşiq olub. Çünki bir dəfə əməliyyat bitəndən sonra, professor ağzındakı örtüyü açıb, ona yaxınlaşmışdı, əlini əlinin içinə alıb bir müddət dinməz-söyləməz gözünü gözünə zilləmişdi, sonra əlini dodaqlarına yaxınlaşdırıb ehtiramla öpmüşdü. Həmin axşam, yadına gəlir, evə çatar-çatmaz, əynini dəyişməmiş, çörəyini yeməmiş, çardağa qalxıb orda - illərlə maaşından yığıb aldığı, səliqəylə üst-üstə, böyür-böyürə yığıb saxladığı cehizlərini qutularından çıxarıb bir-bir tozunu silmişdi, süfrələri çırpıb, çılçırağın büllur asmalarını sabunlu suyla yuyub parıldatmışdı, uzun müddətdən bəri bağlı qaldığından qaralan gümüş çəngəlləri diş tozuyla sürtüb ağartmışdı. Üstündən bircə həftə keçməmiş, növbəti əməliyyatdan sonra professor ağzının örtüyünü çıxarıb, o biri tibb bacısının gözünün içinə baxa-baxa həmin ehtiramla onun əlini öpmüşdü. Bunu Fatma öz gözləriylə görmüşdü. Onda bütün dünya başına hərlənmişdi, əlindəki dəmir alətlər yerə düşüb hamını səksəndirmişdi, özü isə, ağlamağını o birilər görməsin deyə, başıalovlu o biri otağa qaçmışdı, orda axmaq xəyalpərvərliyinə görə özünə nifrət eləyə-eləyə, səssiz-səssiz ağlamışdı.
Professor, əli gəlinin qarnında hələ də ona baxa-baxa danışırdı.
Olsun ki, fikiri ayrı yerdədi. – fikirləşib dayandığı yerdən azca kərana çəkildi və professorun ala gözləri onun boş yerinə tuşlanıb qaldı.
Xəstənin gözlərinin ifadəsi get-gedə itirdi, rəngi avazıyırdı.
- Əməliyyata hazırlayın... – professor nəhayət qərar verib xəstəyə elə baxdı, elə bil bir azdan eləyəcəkləri üçün ona yazığı gəldi. Sonra çönüb, olsun ki, əməliyyata hazırlaşmaq üçün qapıya sarı getdi. Orda ayaq saxlayıb geriyə çöndü, qəfildən mərəhəmət dolu qəribə səslə ona:
- Sənə nolub, gözümə birtəhər dəyirsən?.. – dedi - Xəstələnib eləməmisən?..
Ürəyi titrəyə-titrəyə:
-Yox. - dedi və xəstənin qolundakı rezin tutqacın düyününü boşaltdı.
- Qoy əməliyyata Səfurə çıxsın. - professor otaqdan çıxhaçıxda gerəyə atdı – Sən get evə.
Çaşıb qaldı. Bilmədi, professora təşəkkür eləsin, yoxsa bu alicənablığının səbəbini soruşsun. Qızarıb pörtə-pörtə:
-Çox sağ olun… - dedisə də, dəhlizin o biri başında çırpılan qapının səsindən başa düşdü ki, professor onu eşitmədi.
Küçəyə çıxanda, əməliyyata onun yerinə girəcək Səfurəyə təşəkkür eləmədiyi yadına düşdüsə də, geriyə qayıtmağa həvəsi olmadı, küləyin havaya üfürdüyü sarı xəzəl başına yağa-yağa hara getdi, özü də bilmədi…
Hara getdiyini, daha doğrusu getmək istədiyini ha fikirləşdisə də, müəyyənləşdirməyə çalışdısa da, başa düşdü ki, sən demə, iş saatldarında, elə ondan sonra da gedə biləsi bir yeri yoxdu. Evə getsəydi, anası onu görən kimi mətbəxə cumub xəngal süzəcəkdi, sonra da onunla üzbəüz oturub gözünü üzünə zilləyə-zilləyə o qədər sual yağdıracaqdı ki, halı xarab olacaqdı. Külək bir də, bu dəfə lap möhkəm əsdi və hardasa arxada, kiminsə açıq qalan pəecərəsini vurub şüşəsini yerə tökdü və o, ürəyi sıxıla-sıxıla fikirləşdi ki, indi bu küləkdə, bu soyuqda evə getməsin, bəs hara getsin?.. Darıxmaqdan, saatları, günləri, içi qənbər daşlar dolu, zindan kimi ağır küpələri daşıyan kimi daşıyıb hayanasa atmaqdan üzülüb bezən bu yazıq canını hara qoysun?..
Sola burulub dənizkənarı parka aparan xiyabanla getdi. Burda külək bir o qədər də bərk əsmirdi. Odu ki, xəzəlini təzəcə tökmüş ağacların, artıq tumurcuqlamağa hazırlaşan düyünlü budaqların baxa-baxa, bir neçə aydan sonra həmin bu bozarmış xiyabana gələcək yamyaşıl yaz haqqında fikirləşə-fikirləşə getdi. Sonra külək qəfildən necə əsdisə, yolun kənarındakı iri palıdın bir yığım sarı, quru yapağını yerdən qoparıb onun üzünə çırpdı. Quru yarpaqların codluğundan burnu, yanaqları göynəyib sızıldadı, xəzəlin qummu gözünə doldu. Burun yaylığını çıxarıb üz-gözünün qumunu sildi, sonra qəfildən ağlamağı tutdu… özünə yazığı gəldi... Fikirləşdi ki, olsun ki, professorun da yazığı gəlirdi ona. Odu ki, də əlindən öpürdü, tez-tez, lazım oldu-olmadı, onu evə buraxırdı. Sonra hardansa yadına, ötən həftə, əməliyyatın ən gərgin məqamında huşunu itirib yerə yıxılmağı düşdü, ağlına gələn növbəti fikirdən ürəyi əsdi...
Professor daha onu heç bir əməliyyata buraxmayacaqdı. Onun yazıq vücudunu gündə-gündə görməməkdən ötrü, olsun ki, ümumiyyətlə onu işdən azad edəcəkdi. Onda o, səhərdən-axşamacan, mənzildən çox, xalçalı-palazlı heyvanxana qəfəsini andıran evində – pişiklə anasınan arasında qalacaqdı. Pişik səhər-axşam miyoldayıb zarıyacaqdı, anası da xəngaldan, qutabdan bişirib onun qabağına yığacaqdı. O da bu yağlı xəmirlərdən yeyib yata-yata şişib-şişib nəhəng döşəyə çönəcəkdi.
Boğazını qəhər tutdu.
Hə, professor onu bir daha əməliyyata buraxmayacaqdı. Bunu, professorun, axır vaxtlar üzünə qonan qəribə mənalı ifadəsi deyirdi. Bir də axır vaxtlar professor niyəsə onunla danışanda, bircə dəfə belə olsun, üzünə baxmırdı. Elə bil utanırdı ondan, yoxsa zəhləsi gedirdi?.. Olsun ki, zəhləsi gedirdi. – fikrləşdi. Zəhləsi getməliydi də. Çünki həmin o gün - huşunu itirib, yöndəmsiz ölü kimi əməliyyat otağının döşəməsinə səriləndə, əməliyyatı aparan tibb personalı çaşıb özlərini itirmişdilər, xəstə də, yaddan çıxmışdı, kəsik damarlarının qanını saxlayan sıxac açılıb xəstənin olan-qalan qanını axıdıb qarın boşluğuna dolmuşdu. Sıxacı qaytarıb damara keçirənəcən, xəstə xeyli qan itirmişdi. Əməliyyat bitər-bitməz, xəstələrini özündən çox istəyən professorun da halı dəyişmişdi, ağzının örtünü çıxarıb özünü kresloya zorla çatdırmışdı. Odu ki, həmin o məşum gündən sonra professor onun üzünə baxa bilmirdi. Həmin o gündən sonra professor ona nifrət eləyirdi.
Xiyabandan çıxıb dənizə tərəf buruldu, küləyin qaldırdığı tozanağa məhəl qoymadan parka sarı gedə-gedə fikirləşdi ki, axı niyə onda huşunu itirirdi?.. Birinci dəfə əməliyyata girirdi, nədi?.. Sonra yadına düşdü… Xəstənin kəsik damarına keçirilmiş sıxaca baxa-baxa, əməliyyata hazırlaşdığı burnunun da beləcə kəsiləcəyi gözünün qabatına gəlməyi düşdü. Xəzəli taptayıb xışıltısına qulaq asa-asa fikirləşdi ki, professorun, onu otağına çağırtdırıb: «Özünə ayrı iş axtar...» - deyəcəyi gün lap yaxındadı. Onda o, professora nə cavab verəcəkdi?.. Deyəcəkdi ki: «Yox, ayrı iş istəmirəm..»? Yoxsa, başını aşağı salıb küçə dilənçiləri kimi yazıq-yazıq inildəyəcəkdi, professora yalvarıb, onu ihdən qovmamağı xahiş edəcəkdi?.. Ürəyi sıxıldı.
Fikirləşdi ki, bu nə dərddi gəlib tapdı axı onu? Bu nə ürəkkeçmədi keçib xirtdəyinə? Yeməyi ki, Allah şükür, vaxtında yeyir, havada olur.
Sonra yenə hardansa yadına, Nazilənin, qəribə bir yanğıyla dediyi sözləri düşdü. «Axır bir xəstəlik tapacaqsan, ay yazıq…» - Nazilə, hər o, bığlarını saraltmaqdan ötrü yanına gegəndə deyirdi – «Təbiətə zidd getmək olmaz. Qırx yaşına çatmısan, hələ əlinə kişi əli dəyməyib...»
Nazilə bunu tez-tez deyirdi ona. Odu ki, əməliyyatlar vaxtı həmişə professorun əllərinə, əcaib məxluqlara baxan kimi baxırdı. Professorun, bir tərəfi xırda tüklər qıvrılan ağ əlləri belə baxanda, adi adam əlləri idi. Sən deyən, elə bir qeyri-adilik görmürdü bu əllərdə. Amma fikirləşəndə ki, o əllərdən hansı birisə onun əlinə, ya saçının ucuna toxunur, nədənsə başı hərlənirdi. Hamısı Nazilənin həmin o «kişi əli» haqqında ona oxuduğu mühazirələrinin nətixəsiydi. – fikirləşdi. Olsun ki, ürəkkeçməsi də, elə Nazilənin dediyi: «Təbiətə zidd getməyinin» nəticəsiydi.




* * *



Dənizkənarı parka gegə-gegə, qəribədi ki, necə olmuşdusa, gəlib Nazilə işləyən salonun qabağına çıxmışdı. Ətir və buxar qarışığı iyi balaca yarımaçıq qapısından çölə yayılan salonun qabağında durub bir müddət fikirləşdi ki, nə qədər əzablı da olsa, bığlarını saraltmağın vaxtı yetişib.
Nazilə onu görəndə salonun o başından:
- Hardasan, ay qız?.. – deyib ona əl elədi.
Bir qədər sonra güzgünün qabağından kənara çəkib, o birilər eştməsin deyə, astadan, sevincindən az qala boğula-boğula:
- Sənə jenix tapmışam, tay bu, yüz faizlikdi. - dedi.
- Jenix?..
- Ər də...
- …
- Xalam tapıb. Alimdi, fizik. İki il əvvəl arvadından ayrılıb. Ən əsası da - uşağı yoxdu. Əsas məsələ!.. Şəklini görüb.
Ürəyi çırpındı.
- Deyib: «pis deyil, gərək özünü görəm»
Ürəyi lap bərk döyündü:
-Necə görəcək məni?..
-Onu da həll eləmişəm. Sən xələtini hazırla. - Nazilə deyib əllərini xalatının ciblərinə saldı, sonra gözlərini qıyıb üzünə baxdı və elə bil onu təzədən gördü:
- Sən nə gündəsən, ay bacım?!.. – dedi. Qolundanı çəkib onu yenicə boşalmış çarxlı kresloya oturtdu, kreslonu o yan-bu yana hərlədə-hərlədə üzünə sağdan, soldan baxdı.
- Bəh-bəh!.. Üz qara, qaş qara, bığ qara, saç qara. Müsibətdi ki?!.. Saçın rəngi təcili açılmalıdı, bığlarının da ələxüsus. Sən hələ bir bax, gör, bığların hara gəlib çatıb?
Əl güzgüsü böyüdücüydü, nəydisə, burun pərəklərini, içi qara, budaqsız ağaclar dolu qədim, qaranlıq mağaralara oxşadırdı. Allah, sən saxla.
-Bəlkə qırxaq bunnarı?..
Nazilənin gözləri böyüdü:
-Nə danışırsan? Qırxsaq, beş qat çoxalacaq. Tüklər ülgüc üçün sino gedir. Dəyən kimi, codlaşıb şotkaya dönəcəklər. Onun bircə əlacı var. Tok!..
-Nə tok?..
-Epilyasiya!.. – Nazilə qələbə çalan kimi deyib, qələməoxşar əcayib, iti alətin şnurunu toka keçirdi, vığıldada-vığıldada üzünə yaxınlaşdırdı. Ağrıdan gözü yaşardı… Elə bil burnunun altında arı vardı, neştərini ətinə keçirib sancdıqca sancırdı.
- Altı gün gələcəksən. Hər gün otuz dəqiqə.
Dəhşətdən az qaldı nəfəsi kəsilə.
- Otuz dəqiqə buna dözmək olar?.. – dedisə də, Nazilə əlindəki qələmin vığıltısından heç nə eşitmədi.
- Ağzını açma, ətinə keçər. - deyib «neştərin» yerini dəyişə-dəyişə burnunun altı ilə gəzdirdi, sonra qəfildən yadına nə düşdüsə, əlini saxlayıb:
- Qulaq as… - dedi - tay bu, o dəfəkindən olmasın a..a…
- O dəfə nəydi ki?!..
Hə, Fatmanın yadına düşdü, Nazilə nəyi deyirdi. Bir dəfə də ona beləcə tapdığı «ər»lə əhvalatı deyirdi. Yadına gəlir, Nazilənin o dəfə tapdığı - balacaboy, qaraqabaq bir adam idi. Həm də elə utancaq idi, hər sözdən pörtüb az qala göyərirdi. Balaca bir maşını da vardı, küçə ilə getdiyi yerdə bir də görürdü, budu ha, maşını yolun ortasındaca saxlayıb, ona baxır. Onda o «qaraqabaqda» cəmi bircə görüşləroi oldu. «Qaraqabaq» o, işdən çıxıb evə gedəndə, utanıb qarala-qalara ona yaxınlaşdı, maşınını göstərib:
-Adım Tağıdı… - dedi - əyləş evə aparım.
Evlərinə çatanda, yadına gəlir, Tağı maşını, onların dar dalanlarına salıb saxladı, ona sarı çönüb gözünün içinə baxa-baxa, əlini əlinin içinə aldı, səsi titrəyə-titrəyə:
-Mənimlə evlənmək istəyirsən? - dedi.
Onda yadına gəlir, özü də qızarıb Tağının gününə düşdü, başını aşağı dikib dinmədi. Tağı isə, utancaqlığına yaraşmayan qəribə bir cəsarətlə üzünü ona yaxınlaşdırıb yanağından öpdü. Elə öpdü ki, tüpürcəyi yanağında qaldı. Onda yadına gəlir, ürəyi qalxdı, çantasından burun yaylığını çıxarıb yanağını dönə-dönə sildi. Yadına gəlir, yanağını sildikcə, Tağı ağardı, saraldı, göyərdi… O gündən sonra Tağı daha gözə görünmədi. İncidi ondan nədi? Ya bəlkə ayrı qız tapdı özünə?! Allah bilir…



* * *


Nazilənin xalası qapını açıb, gözlərini eynilə Nazilə kimi bərəltdi, başıyla içəri otağa işarə edə-edə qəribə, saxta səslə:
- Xoş gəlmisən ay Fatmacan, həmişə sən gələsən, keç içəri… - dedi, ağzını qurağına yapışdırıb:
- Çoxdan gəlib. Harada qalmısan səhərdən? – deyə pıçıldadı.
Həyəcandan idi, ya otağın gur işığından idi, nəydisə, otağa girəndə əvvəl başı hərləndi, sonra gözləri qaraldı, qulaqları, təyyarıdıki kimi uğuldadı. Bir müddət ha tərəfə gedəcəyini axtara-axtara otağın qapısı ağzında döyüküb qaldı. Sonra kimsə qolundan çəkib onu, otağın ortasındakı nəhəng, dəyirmi stolun yanına gətirdi, eləcə qolundan çəkib onu aşağı basdı və qıçlarına dirənən stula oturtdu. Sonra yavaş-yavaş otağın içini, par-par parıldayan döşəməsini və oturduğu dəyirmi stolun o biri üzündə oturub eynəyinin arxasından ona baxan cavan adamı gördü. Bu, orta yaşlı, qarabəniz, arıq adam idi. Ağzının içində nə isə asta-asta yeyə-yeyə, ifadəsiz üzüylə ona baxırdı.
Əvvəs istədi salam vesin, sonra fikirləşdi ki, tanımadığı kişiylə necə salamlaşsın axı? Həmin dəqiqə də başa düşdü ki, salamlaşmamaq – bir növ mədəniyyətsizlikdi. Onu da başa düşdü ki, salam verməyin vaxtı keçib, yaxşısı budu, elə dinməzcə otursun. Sonra da fikirləşdi ki, indi bu cavan adam onun haqqında nə fikirləşəcək?
- Xoş gördük səni. Harda qalmısan səhərdən?
Bunu Nazilə dedi, arxadan onu dümsükləyib pərt-pərt gülümsündü. Həyəcandan Nazilənin də salamını cavabsız qoydu, əllərini süfrənin altında bir-birinə sıxıb didişdirdi.
«Adaxlı» indi də iri fincandan çay içə-içə nimçəsindəki tort dilimini yeyirdi. Nazilənin xalası «adaxlının» yanında oturmuşdu, qaş-göz eləyə-eləyə yenə ona nə isə başa salmağa çalışırdı.
İztirabdan qovrula-qovrula fikirləşdi ki, bu qaş-gözü vəsməli, kök, yaşlı arvad nə istəyir ondan?!
- Bu tortu hazırlamaq elə asandı ki… Desəm, inanmazsız. - xala tortdan bir dilim də kəsib, onu səliqəylə «adaxlının» qabağındakı nimçəyə qoya-qoya dedi.
-Demək üç yumurta, bir stəkan un, bir qaşıq bal, sonra canım desin...
Nazilə stolun altından ayağına vurub, gözlərini bərəltdi, başıyla «adaxlını», sonra da ağzını göstərdi. Yəni ki, «danış.»
Ürəyi döyünə-döyünə fikirləşdi ki, nə danışsın?
Otağın yuxarı küncündə dayanan nəhəng iri saat, əqrəblərini cütləyib, bürünc kəfkirini hərəkətə gətirdi, ağır-ağır danqıldamağa başladı.
«Adaxlı» saata baxıb kök ötürdü, qaşığı götürüb ikinci tortun dilimini yeməyə başladı.
- Azan vaxtıdı.
Bunu Fatma dedi. Sonra da fikirləşdi ki, azanın bura nə dəxli var?.. Və qıpqırmızı qızardı.
Fatmanın bu sözündən, ya nədənsə «adaxlı» da çeçeyib boğula-boğula öskürməyə başladı.
Nazilə çönüb, gözünü ona ağarda-ağarda, «adaxlının» kürəyini yumruqlaya-yumruqlaya:
- Halal, halal… - dedi.
«Adaxlı» öskürüb-öskürüb qıpqırmızı qızardı, sonra qalstukunu düzəldib pərt hərəkətlərlə tortu yeməyinə davam elədi.
Nazilə bir də ona gözünü ağartdı, yenə ağzını göstərdi, sonra narazı üzlə başını yellədi. Yəni ki: «ay-hay!»
Əllərini bir-birinə sıxa-sıxa, beynini ələk-vələk eləyib, yadına, danışa biləcəklərini salmağa çalışdısa da, xatirinə, mürdəşirlərdən, hamilə arvadlardan, bir də xəngaldan başqa heç nə düşmədi.
- Bağışlayın, bəlkə də səhv eləyirəm, amma elə bil biz sizinlə bir də hardasa görüşmüşük… - Nazilə deyib gözlərini süzdürdü.
Oğlan qaşığı süfrəyə qoyub eynəyini düzəltdi, Nazilənin gözünün içinə baxıb:
-Ola bilər. - dedi.
Sonra saat bir də danqıldadı və Nazilənin xalası çönüb əsəbi-əsəbi saata baxdı, sonra ayağa qalxıb televizoru yandırdı.
Televizorda hansısa müharibədən sənədli kadrlar gedirdi, tanklar gürüldayır, yaralı əsgərlər o yan-bu yana qaçıçırdı.
İndi hamı oturub televizora baxırdı. Çox keçmədi ki, Nazilənin xalası oturan yerdə yuxuladı, başı sinəsinə düşdü.
Nazilə xalasına baxıb gülümsündü, pərt-pərt:
- Televizor yaşlı adamlara yuxu gətirir. Qəribədi… - dedi, sonra qəfildən pişik kimi qıvraq bir hərəkətlə «adaxlıya» sarı çönüb onun əlini əllərinə aldı, iç tərəfinə çevirib:
- İstəyirsiz, falınıza baxım?.. –deyib gözlərini «adaxlının» gözlərinə zillədi. - Mən yaxşı baxıram fala.
«Adaxlının» Nazilənin bu qəfil hərəkətindən, ya nədənsə, rəngi ağardı, gözlərinin altı qaraldı. Döyüküb, dinib danışmadan Nazilənin üzünə Baxa-baxa qaldı. Nazilə isə cavab gözləmədən «adaclının» ovucunu az qala gözünün içinə soxa-soxa, balaca xəritəni tədqiq edən təki «oxumağa» başladı.
- O… qəribə tale izləri görürəm burda… Sevgi... ayrılıq... əzablı yollar…
Nazilə danışdıqca «adaxlının» rəngi saralırdı.
-Siz sevmək üçün yaranmısız, cavan oğlan... və bu taledən heç hara qaça bilməyəcəksiz…
«Adaxlı» başını aşağı salıb bir müddət fikrə getdi elə bil. Başını qaldıranda isə Naziləyə qəribə baxışlarla baxmağa başladı. Naziləni bu baxışlardan qəribə qıdıq tutdu elə bil. O, Fatmanın heç vaxt eşitmədiyi əcaib bir gülüşlə gülüb oğlanın əlini sığalladı.
- Olsun ki, bu dediklərimin sizin üçün bir o qədər də əhəmiyyəti yoxdur... Bəlkə də siz ümumiyyətlə fala-filana inanmırsınız...
Nazilə bu yerdə sözünü yarımçıq kəsib elə bil oturduğu yerdə ləngər vurdu, əlini «adaxlının» əlindən çəkib çaşqın hərəkətlərlə paltarının yaxalığını dartışdırdı. «Adaxlı» gözü Nazilədə udqunub elə bil titrətdi. Ya Fatmaya belə gəldi?..
Sonra Nazilə ağzının içində astadan nə sə dedi, Fatma eşitmədi. Nə dedisə, «adaxlı» yay kimi ona tərəf əyilib qaldı. Sonra saat yenə, bu dəfə elə bil bayaqkından daha bərk danqıldadı və Nazilə yuxudan ayılan kimi ayılıb yuxulu gözlərlə ona baxdı, Fatmanın heç vaxt eşitmədiyi qəribə, nazik səslə:
- Bu isə mənim rəfiqəmdi, tanış olun. – deyib elə bil azca qızardı.
«Adaxlı» Nazilənin bu sözündən sonra başını ona sarı çevirib, ağızucu nə isə dedi, Fatma başa düşmədi. Sonra çönüb yenə Naziləyə sarı əyildi.


* * *



Hava qaraldıqca, qəbirstanlıqdan çıxanların sayı azalırdı.
Vahimədən, ya nədənsə, ürəyi az qalırdı sinəsindən çıxa. Əslinə qalsa, ölülərdən qorxmurdu. Anası demişkən, onların da, onun kimi adi adam olduğunu bilirdi. Amma həm də hava qaraldıqca, qəbiristanlığı dövrəyə alan qara dəmir hasarın o üzündən – qaranlıq qəbirlərin arasından ona sarı axan qəribə, qorxulu, soyuq havanı necəsə, hansı toxumasıylasa hiss eləyirdi. Hasarın o üzündən ara bir əcaib səslər də gəlirdi qulağına. Çönüb üşüyə-üşüyə içəri – iri yarpaqlı sıx ağacların arasında itən qəbirlərə sarı baxırdı. Qəbirlərin arası elə bil adamla dolu idi. Qaranlıqda üzləri görünməyən adamlar orda-burda asta-asta pıçıldaşa-pıçıldaşa, deyəsən onu güdürdülər. Olsun ki, içəri keçməyini gözləyirdilər.
Darvazaya yaxınlaşıb aşağı əyildi. Qəbirlərin arasında, küləyin bir-birinə çırpıb xışıldatdığı ağaclardan savayı gözünə ayrı bir şey dəymədi.
Hava da elə bil birdən-birə soyudu. Yoxsa soyuqlamışdı?.. Bayaq evdən çıxdığı vaxtın mülayim havasından əsər-əlamət qalmamışdı. Az-maz da qar çiləməyə başlamışdı.
Qəbirstanlıq deyəsən axır ki, tamam boşaldı. Axırıncı çıxan - iki qoca molla oldu. Onlar da ona təəccüblə baxa-baxa, paltolarını düymələyə-düymələyə tini burulub, şəhərin mərkəzinə aparan avtobusların dayanacağına tərəf addımlaya-addımlaya uzaqlaşdılar və qəbiristanlığın mərkəzi girişinə baxan küçə bomboş boşaldı. Adətən maşınların gur axdığı şosse də, qəribəydi ki, bomboş idi. Bircə o idi, gecənin bu vaxtında, qəbiristanlığın nəhəng darvazaları ağzında ala qarğa kimi dayanıb durmuşdu.
Fikirləşdi ki, indi nə ola, buralardan Gülağa, yaxud məhəllə uşaqlarından biri keçə, onu görə?.. Sonra bunu gözünün qabağına da gətirdi. Necə Gülağa onu görüb, getdiyi maşını saxladır, düşüb iti addımlarlda üstünə yeriyir, çathaçatda dözməyəyib, üzünə yağlı bil şillə ilişdirir, sonra da qolundan tutub sürüyə-sürüyə onu maşina mindirir.
Bu fikirdən bədənindən ayrı növ üşütmə keçdi. Titrədib paltosunun yaxalığını qaldırdı və ayaqları donmasın deyə, darvazanın qabağıyla o baş-bu başa var-gəl eləməyə başladı.
Çox keçmədi ki, uzaqdan Xədicənin qara maşını göründü. Maşın tini burulub ona sarı gəldi, darvazanın qabağında dayandı.
Maşının qapısından əvvəl Xədicənin kök ayaqları göründü. Sonra tıncıxa-tıncıxa, kök bədənini zorla hərlədə-hərlədə sıxışdırıb maşından çıxaran Xədicənin özü göründü:
- Çoxdan gəlmisən?.. – Xədicə bir ayağı hələ maşında ikən soruşdu.
- Bir az var. - deyib kənara çəkildi.
Xədicə axır ki, maşından çıxıb, qapını çırpıb amiranə səslə sürücüsünə:
- Bir az aşağıda saxla. - dedi, sonra becid addımlarla darvazaya yaxınlaşdı, darvazanın yanpörtü qalan qapısını çiyni ilə aralyıb ona tərəf:
- Ardımca. - deyə atdı və onu gözləmədən, birbaş qəbirstanlığın dərinliyinə aparan ençiz yolla harasa üzüaşağı getdi.
Bir istədi, Xədicəni çağırıb desin ki, ölülərdən qorxmasa da, gecənin bu qaranlığında qəbiristanlığın dərinliyinə getməyə qorxur, bir də deyilən vaxtda gəlmədiyinə görə, evə gecikəcək, amma baxıb gördü Xədicə, bədəninin ağırlığına uyuşmayan qəribə, yüngül addmlarla, az qala uça-uça, artıq çox-çox uzaqlardadı.
Qəbirlərin arasıyla harasa qaranlıq dərinliklərə uzanan uzun-uzadı yolla yeridikcə, başını paltosunun yaxalığının içinə soxdusa da, nəhəng ölu şəhəri andıran bu qorxunc, qaranlıq məskənin dörd bir yanından üstünə axan soyuq havanın vahiməsindən gizləni bilmədi.
Hava tamam qaralmışdı. Yeridikcə, yolun kənarlarıyla möhtəşəm ordu kimi çiyin-çiyinə, cərgə-cərgə dayanıb ona zillənən adamboylu qəbirlərə tərəf baxmasa da, başdaşılarından üzünə dikilən qorxunc baxışları bütün vücudunda hiss elədi. Bilirdi ki, çönüb hansı birinə baxsa, orda - qəbirlərdən savayı ayrı nə isə də görəcək. Odu ki, addımlarını yeyinlətdi.
Xədicə daha görünmürdü. Olsun ki, artıq lap uzaqdaydı.
- Xədicə bacı!.. – qışıqrdısa da, qəbirlərin arasıyla dolaşıb yenidən ona qayıdan tənha səsindən savayı ayrı bir səs eşitmədi. Bir anlıq vahimədən bədəni uçundu, çantasını qucağına basıb gücü gəldikcə, Xədicənin gözdən itdiyi qaranlığa sarı yüyürdü. Tövşüyə-tövşüyə özünü bir təhər Xədicənin yanına çatdırdı, nəfəsi kəsilə-kəsilə:
- Bir gözlə də… nəfəsim kəsildi ki… - deyib yaxındakı nəhəng palıdın gövdəsinə söykəndi.
Xədicənin başı nəyəsə qarışmışdı deyə, onun nə dediyini eşitmədi, əlindəki düyünçəyəbənzər balaca bağlama, bir müddət göyün üzündə nə isə axtara-axtara:
-Bu andır harda qaldı?.. – dedi.
-Nəyi deyirsən?
-Ayı deyirəm… - Xədicə deyib əlinin dalıyla burnunu sildi - Ay olmasa, heç bir cadunu sındırmaq - mümkün olan iş döyül.
Başını qaldırıb göyə baxdı. Ay doğrudan yox idi. Heç ulduz da yox idi. Ümumiyyətlə buranın göyü qəribəydi ki, illər uzunu, yay-qış gördüyü, şəhər gecələrinin göyündən deyildi. Elə bil göy yox, qapqara, nəhəng bir qapaq idi. İndi o, Xədicəylə bir, bir yığın ölüylə bir, bu qara qapağın altında qalmışdılar.
Üzünə hardansa yuxarıdan, bir ovuc narın qar çiləndi elə bil. Ya ona elə gəldi?
- Deyirəm, bəlkə günü səhv salmışıq? Axı Ayın çıxdığı gün… - deyib Xədicəyə baxmaq istədisə də, Xədicəni tapmadı. Xədicə yenə hardasa uzaqlarda – ayrı qəbirləir və ağacların arasıyla gəzə-gəzə, indii də deyəsən, Ayı oralarda axtarırdı. Ağzının içində donquldana-donquldana olsun ki, yenə Ayı söyürdü.
Tikanlı kol-kosun üstündən ehtiyatla adlayıb özünü Xədicəyə bir təhər yetirdi:
- İndi nə bilək hansı qəbirdi? – deyib Xədicənin üzünə baxdı. Xədicənin üzü, qaranlıqdan idi, ya bələkə onun gözünə elə görünürdü, ayrı adamın üzü idi.
- Necə nə bilək? – Xədicə dedi - Bəs mən nəyəm burda - oyuğam? Srağagünün gecəsi yuxuda göstərdilər mənə o qəbri. Allah-tala özü əyan elədi mənə, yolunu da, yerini də. Bəs sən… - Xədicə burda qəbirlərin arasından iki addım atıb atıldı deyə tövşədi - …bəs sən nə bilirsən?..
Fikirləşdi ki, Xədicə də yəqin hər gün xəmir xörəyi yeyir. Odu ki, danışanda tövşüyür, nəfəsi çatmır.
Xədicə yeriyə-yeriyə danışırdı deyə, arada bir nəfəsi itirdi. Onda ayaq saxlayıb nəfəsini dərə-dərə yenə göyə baxırdı, olsun ki, yenə Ayı axtarırdı. Qəbiristanlığın dərininə getdikcə, yol daralırdı, qəbirlərsə çoxalırdı.
Bir qədərdən sonra yol tamam-kamal bitdi və Fatma baxıb gördü ki, bir-birinin dibindən bitən qəbirlərin arasındadılar.
Xədicə ayaq saxlayıb gödəkçəsinin cibindən balaca əl güzgüsü çıxartdı, bu dəfə göyə güzgüdən baxdı.
- Şükür sənə!.. – deyib nəfəsini dərdi.
Başını qaldırıb göyə baxdı.
Göyün üzü bayaqkı kimi qapqara idi, amma hardasa tən ortasında uzaq pəcərənin işığını andıran noxud boyda zəif işartı dəyirdi gözə.
- Nədi bu belə? – deyib Xədicəyə baxdı.
Xədicə elə bil ona yox, yanındakı kiməsə:
- Bu yana gedəcəyik. - deyib sola buruldu, köhnə qəbirlərin üstündən atıla-atıla qəfildən gözdən itdi.
Bir anlıq az qaldı ürəyi dayana. Daha doğrusu, ürəyi dayandı. Bunu, sinəsinin sol tərəfinin bərkiyib küt ağrıyla sancmasından bildi. Nəfəsini çəkmək istədisə də, nəfəsi gəlmədi. Tərpənmək, addım atmaq istədi, dörd bir yanı dördkünc, uzunsov qəbirlər idi… ayaq qoymağa bir addımlıq belə yer yox idi. Odu ki, nəfəssiz halda, dayandığı yerdəcə dayanıb qaldı.
Burda qəbirlər lap yaxınındaydılar. Get-gedə də elə bil bir az da yaxınlaşdırdılar ona. Başdaşları az qala burnuna dəyirdi, əlinə, qoluna toxunurdu…
Ürəyi sıxıldı. Başdaşıları əliylə itələyib aralamaq istədi özündən… amma əlləri də keyimişdi deyə, barmaqlarını tərpədə bilmədi. Sonra hardansa yadına, anasının, əsasən gecələrlə, O dünya haqqında danışdıqları gəlib düşdü. «Ölü də diridi, bala…» - deməyi, üzünə qonan fərəh dolu təbəssümü gözünün qabağına gəldi və elə həmin məqam, hardasa yaxında, qaranlıq ağaclığın içində buppuldayan bayquşun səsindən titrədə-titrədə fikirləşdi ki, bəlkə anası artıq O dünyanın – yəni buraların adamıdı?..
Bu məqam qəbirlərin hansınınsa içindən ona sarı uzanan naməlum, qara əl qolundan tutub onu aşağı çəkdi…
Çığırtısı qəbirstanlığı bürüdü... Sonra hardansa qaranlıqdan peyda olan ikinci əl ağzını yumub onun səsini kəsdi.
Xədicənin üzü lap yaxındaydı. Gözləri qaralırdı deyə, üzünü aydın seçə bilmirdi.
- Nə çığırırsan, ağəz?.. – Xədicə niyəsə pıçıltıyla dedi - Gedib bir də təzədən qayıtmışam. Harda batıb qalmısan?..
Xədicə bunu deyib, onu necəsə silkələdi, sonra qolundan çəkə-çəkə qəbirlərin arasıyla harasa, qəbiristanlığın daha qəramət yerinə apardı.
Bir qədərdən sonra tikanlı kol-kos basmış xırda başdaşıların arasına girdilər. Bura elə bil qəbiristanlığın qurtaracağı idi. Buranın qəbirləri də ayrı cür idi. Hamısı elə bil Nuh əyyamından qalmışdı, uşaq qəbirlərini andıran xırda başdaşılarınin iti tinləri uzun illərin yağışından, küləyindən yeyilib yastılanmışdı.
Xədicə gedib-gedib axır ki, iri bir ağacının altında dayandı, üz-gözünün tərini silib, paltosunu aralayıb, yun gödəkçəsinin cibindən balaca güzgüsünü çıxartdı, göyə tutub baxdı. Sonra qəfildən nə oldusa, bapbalaca güzgüdən Xədicənin üzü elə işıqlandı, elə bil əlindəki güzgü yox, ikiyüzlük lampa idi.
-Hə… - Xədicə deyib nəfəsini dərdi – deyəsən gəlib çatdıq axır ki.
Başını qaldırıb göyün üzünə baxdı. Bayaqkı noxud boyda işartı böyüyüb bədirlənmiş Aya dönmüşdü, Xədicənin balaca güzgüsündən hər yana işıq saçırdı.
Xədicə paltosunu soyunub səliqəylə qəbirlərin arasına qoydu, sonra hansısa qəbrin ayaq tərəfində dayanıb salavat çevirdi, çöməlib çantasından qaşığaoxşar bir şey çıxartdı, keçib qəbrin ayaq tərəfini qazmağa başladı.
Qəbir olsun ki, bu qəbiristanlığın ən qədim qəbri idi. Yerin içindən əyri bitən nataraz bitki kimi harasa yana əyilmişdi, üstündəki yazı ovulub yeyilmişdi deyə, oxunmurdu.
Xədicə qazıb-qazıb dayandı:
- Nə dürmüsan, otur sən də o yandan qaz. - deyib çantasından çıxartdığı ikinci qaşığı da ona Sarı atdı.
Paltosunun qollarını çirmələyib, qəbrin bu biri tərəfində çöməlib əlindəki qaşıqla torpağı qazmağa başladı. Sonra baxıb gördü, əlindəki, xörək qaşığıdı. Torpağı qazdıqca fikirləşdi ki, görən burdan çıxandan sonra Xədicə bu qaşıqları neyləyəcək?! Zibil vedrəsinə tullayacaq, ya elə burda qoyub gedəcək?..
-Neyləyəcəm, - Xədicə qəfildən dedi - qəşəngcə yuyub-quruluyub bozboş yeyəcəm. - dedi.
Fatmanı elə bil ildırım vurdu, torpağı eşə-eşə fikirləşdi ki, demək Xədicə fikirləri də oxuya bilir, amma bu barədə ona heç nə deməyib.
Çönüb gözaltı, torpağı tər-qan içində, həvəslə qazıyan, qazıdıqca da tıncıxıb tövşüyən Xədicəyə baxdı və ürəyi sıxıldı.
Xədicə niyəsə burda - gecənin bu qaranlığında, köhnə qəbirlərin arasında, gözündən qığılcım çıxa-çıxa torpağı qazan qorxunc ifritəyə oxşayırdı. Başını aşağı salıb torpağı qaşıqlayap-qaşıqlaya, Xədicəni ona caladığına görə ürəyində Naziləni söydü. Sonra da fikirləşdi ki, Nazilədən nə vaxt bir xeyir görüb ki, indi də görə?!..
Xədicə qəbrin ayaq tərəfindən deyəsən nə isə tapmışdı, qaşığı bir kənara tullayab, torpağın içini indi də yalın əlləriylə eşirdi. Sonra torpağın hansı dərinliyindənsə tapıb çıxardığ içi boş su şüşəsini Ayın işığına tutub o üz-bu üzə çevirə-çevirə baxdı, əsəbi hərəkətlə harasa arxaya vızıldadıb ona:
- Nə durmusan, qaz da. – dedi və özü də qaşığı götürüb yenə torpağı qazmağa girişdi.
Quru torpağı eşməkdən baş barmağını göynəyirdi. Qaşığı yerə qoyub barmağını ovdu, sonra əllərini açıb ovuclarına baxdı. Ovuclarının dərisi qırış-qırış idi, elə bil qoca arvad əliləriydi. Fikirləşdi ki, olsun ki, insan hissə-hissə qocalır. Əvvəl əlləri, sonra gözləri, sonra yanaqları, sonra qulaqları…
İndi əlləri qocalmışdı. – fikirləşdi. Sonra fikirləşdi ki, özünü niyə aldadır? Hər ayın axırı saçlarının ağını rəngləyən o deyil? Boynuna alsın ki, qocalıb, saçlarına dən düşüb. Əgər rəngin vaxtını bircə ay gecikdirsə, ağappaq başıyla qarıya oxşayar, qocalıb qarıdığını da hamı - birinci növbədə, onu hələ də uşaq bilib, səhərlər quymaq, xəşil yedirdib «əmələ gətirən» anası başa düşər.
Sonra da fikrləşdi ki, olsun ki, qocaldığın hamı çoxdannan bilir. Bunu bircə özü bilmir. Bilmir deyəndə, özünü bilməzliyə vurur… özünü, boş xəyallarla, səfeh ümidlərlə aldadır. Tfu…
Bu fikirlərdən oldu, ya nə oldusa, ürəyi sıxıldı. Qaşığı bir yana tullayıb torpağın üstünə oturdu, doluxsunub:
- Yaman gec oldu. Gülağa öldürəcək məni. - dedi.
Xədicə torpağı qaza-qaza, belinəcən qəbrin içinə əyilmişdi, başı dərindəydi deyə, onu eşitmədi.
Qorxudan idi, ya soyuqdan idi, əl-ayağı elə donmuşdu, elə bil qanı işləmirdi.
- O dəfə bundan tez tapdın…
- O dəfəki yeddi illik idi… Bu… əbədilik. – Xədicənin səsi elə bil yerin o üzündən gəlirdi. - Görüm əlləri qurusun, eliyənin… ciyəri piltə-piltə olub ağzından gəlsin!.. Köpəy uşağı… Deyəsən bunnara ki, «a balam, niyə qoymursuz camaatı evində dinc otursun?.. Nə istəyirsiz axı bu yazıxdan?.. Niyə qoymursuz, bu fağır da bir evin işığın yandıra, oğul-uşaq sahibi ola?!..
Xədicə danışdıqca, hiss eləyirdi boğazını qəhər tutur, gözünün yaşı, havanın şaxtasından, ya bəlkə ürəyinin hərarətindən, yanaqları boyu buxarlana-buxarlana boynuna süzülür. Sonra Xədicənin, beldən aşağı görünən hissəsinə baxa-baxa fikirləşdi ki, nə yaxşı ki, dünyada Xədicə və xədicəkimiləri var. Yoxsa o paxıl qonşusuyla necə bacarardı?!.. Xədicə bir dəfə belə murdar işlərinə görə cadu töküb o paxılı axır ki, yıxmışdı yorğan-döşəyə. Onda yadına gəlir, qonşu-gəlin doğrudan bir-iki ay eşikdə-bacada görünmədi, qonşular xəbər tutub öyrəndilər ki, «pankriatit» olub. Xədicə də elə demişdi. Demişdi:«Bu dəfə öldürmürəm, balaları var. Amma…» - demişdi – «ona elə bir dərd göndərirəm, gedib ölümnən burun-buruna duracaq, dönüb geri qayıdanda ayılacaq, biləcək nə var-nə yox. Onda ağlı başına gələcək…» Elə də olmuşdu. Həmin o paxılın, qapının ağzında dayanıb yola saldığı rəfiqəsinə öz diliylə: «Getdim, o dünyanı gördüm, qayıtdım…» - deməyini öz qulaqlarıyla eşitmişdi.
Ürəyi əsəbi-əsəbi döyünə-döyünə fikirləşdi ki, xeyri nədi, paxıllıq ki, sağalan xəstəlik deyil. O paxıla «pankriatit» də dərs olmadı, bəd əməllərindən əl çəkmədi. Heç olmasa, uşaqlarına yazığı gələydi. Onlara da yazığı gəlmədi. Yenə səhərlər - o, bəzənib-düzənib küçəyə çıxanda, qapıdan çölə, düz onun ayaqları altıa, içi cadupiti dolu,
çirkli su tökdü. Odu ki, Xədicənin noxudları da hərlənib-fırlanıb həmin adamın – qonşuluqda yaşayan «ətli-canlı», «ağbəniz» gəlinin üstündə dayandılar.
Xədicənin, qəbrin içində getdikcə itən bədəninin yarısına baxa-baxa fikirləşdi ki, görən o xınasaç gəlin ondan nə istəyir axı, niyə ona bu qədər cadu eləyir?!.. Özü gözəl-göyçək, varlı-hallı, gündə bir şuba geyinir, özünü yellədə-yellədə küçəyə çıxanda, hamının gözü onda qalır. Xədicənin dediyinə görə, gəlin olsun ki, onu ərinə qısqanır. Niyə qısqanır, orasını Xədicə hərdən bir cür izah edirdi. Hər izahın axırı da Xədicənin sevimli sonluğu ilə bitirdi: «İnsan - çiy süd əmib bacım. Kimin qəlbində nə var, onu billə bilməzsən…» Fikirləşdi ki, görən o gəlinin niyə məhz ondan bu qədər zəhləsi gedirdi?.. Gözü götürmürdü onu, nədi?.. Amma neçə dəfə məhəllədə onunla üzbəüz gələndə, özünü bilməzliyə vurub ona elə baxmışdı, elə bil ömründə birinici dəfə görürdü onu. Elə baxmışdı, elə bil heç tanımırdı onu. Xədicə isə deyirdi tanıyır, «özü də lap yaxşı tanıyır, köaək qızı, özünü artistliyə vurur, iz itirir.»
Sonra fikirləşdi ki, bəlkə Xədicə, ona cadu eləyəni səhv salır?.. Bəlkə bu, aşağıda yaşayan cüt bacıların – onun uzun saçlarının paxıllığını çəkən, zərli ayaqqabılarına əyri-əyri baxan qarımış qızların işidi?..
Xədicə deyirdi: həmin gəlindi. Noxudlar da onu göstərirdi, qəhvə çöküntüləri də, kartlar da. «Pəncərələri onun pəncərələrinə baxan, iki uşaq anası, varlı, xınasaç gəlin.»
Bir də, - fikirləşdi - əgər ona cadu elətdirən bu xınasaç deyildisə, onda niyə Xədicənin hər «cavab cadusuna» heç kim yox, elə o düşürdü, bimar olub aylarla xəstəxanalarda yatırdı?.. Axır nəydisə, baş açmaq olmurdu. Anası da elə-belə deyirdi. Deyirdi, «bu dünyanın işlərindən baş açmaq olmur, bala».
- Ay sənin əkib-doğanının…
Xədicə nə isə tapmışdı, dikəlib, qazdığı torpaq dağının üstündə oturmuşdu, torpaqlı əlləriylə tapdığını didişdirirdi.
Ayağa sıçrayıb özünü Xədicənin yanına atdı:
- O nədi elə?!
- Nədi?.. İndi görərsən nədi. Mənə hər şey əyandı, bacım. Bu sən, bu mən, bu da şeytan əməli! Buyur, özün bax…
Xədicə əlindəki torpaqlı düyünçəni açıb yerə sərdi. Ayın zəif işığında, rəngi dəqiq bilinməyən burun yaylığı ölçüsündə düyünçənin içində müxtəlif şeylər - bir qom saç, bir ədəd qıfıl, beş-altı iynə batırılmış mum qırığı, bir də külə oxşayr tozu seçdi.
Xədicə burnunu çəkib:
- Baxırsan? – dedi, sonra üzünü Aya tutub ağzının içində dua oxudu.
Düyünçədəkilərə baxıb fikirləşdi ki, olsun ki, iynələr batırılmış mum onun özüdü. Batırılıb ki, bədəni ağrısın, xəstəliklər tapsın, ağzı bağlı qıfıl yolunu bağlasın. Bəs saç nə idi?.. Əlini uzadıb saçı götürmək istədi, Xədicənin səsinə dik atıldı.
- Dəymə!.. Hər şeyi korlayarsan!.. – Xədicə deyib ayağa qalxdı, əyilib çantasının içində eşələndi, ordan tapıb çıxardığı kibriti yandırıb düyünçənin üstünə atdı. Düyünçə torpağın altında qalmaqdan nəmlənmişdi deyə, alovlanmadı, eləcə tüstülünü-tüstülənə qaralıb qaldı. Xədicə çartasını göstərib:
- Ordan ayrı kibrit ver. – dedi.
Fatma əlləri əsə-əsə Xədicənin çantasını eşələdi. Burda nə desən vardı. Qayçılar, qıfıllar, mıx və iynələr...
Xədicə bu dəfə kibriti necə çəkdisə, kükürdü sıçrayıb Fatmanın saçına düşdü, Fatma o yan-bu yana hərlənincə, saçını od tutdu…
-Vaxsey!.. - Xədicə çığırıb iki əliylə Fatmanın başına necə qapaz saldısa, qızın gözündən qığılcım çıxdı, amma başının tüstüsü kəsilmədi. Onda Xədicə özünü itirmədi, qəbirdən qazıb çıxartdığı torpağı ovuclarına doldurub cəld Fatmanın başına tökdü və tüstünü kəsdi.



* * *


Bütün yolu Xədicənin ağzı yumulmaq bilmirdi.
-Tay qurtardı. İndi yolun açıqdı. Küfr oldu hər şey. Gedib qəşəng-qəşəng çimərsən, verdiyim o duanı oxuyub, sonra suya salarsan, o suyu içib yatarsan.
Ərəb hərfləriylə yazılmış uzun, ensiz kağıza baxıb:
-O dəfəki bundan balacaydı. - dedi.
-Bu tay ən möhkəminnəndi. – Xədicə deyib, torpaqlı əlləriylə onun verdiyi pulları saydı. O isə rəncərədən çölə baxa-baxa, gecənin qaranlığında qəbiristanlığın o ucqarılığına gedib həmin o əyri başdaşılı qədim qəbri adam boyunda qazıyan, içi iynə-sap dolu düyünçəni orda basdıran xınasaç gəlini gözünün qabağına gətirirdi. Cəlin qollarını çirmələyib yarıyacan torpağın içinə girmişdi, orda çöməlib, gözlərindən qığılcım çıxa-çıxa, onun başa düşmədiyi hansısa əcayıb dildə dua oxuyurdu…
Maşın tini burulub yenə məktəblərinin qabağından keçirdi. Gecələr – hava qaralanda məktəbin binası daha qorxunc olurdu. Pəncərələri qaralıb, O dünyaya aparan yolun başlanğıcını, giriş qapısı - nəhəng əjdaha ağzını xatırladırdı.
Məktəbdə oxuyanda, yadına gəlir, eli bilirdi, Bikə müəllimə məktəbdə yaşayır, gecələr də məktəbdə yatır. Onda uşaqlardan bəziləri daşnışırdı ki, Bikə müəllimənin otağının işığı gecələr də yanıq qalır. Deyirdilər, gecədən xeyli keçmiş Bikə müəllimənin işığı axır ki, sönürdü, amma Bikə müəllimənin məktəbdən çıxıb evinə getdiyini görən olmurdu. Deyilənə görə, Bikə müəllimə gecələrlə həmin o qorxunc vücuduyla, məktəbin beşmərtəbəli, qaranlıq binasında otaqların arasıyla, dəhlizlərlə tək-tənha gəzirdi. Deyirdilər, bəzi gecələr qoca direktrissanın, məktəb binasının həmin o qaranlıq pəncərələrindən çölə baxdığını görənlər də olurdu. Deyirdilər, Bikə müəllimənin pəncərələrə yapışan uzunsov, əsəbi üzü, gecələr Adam üzündən çox, hansısa vəhşi quşun üzünü xatırladırmış.
-Görüm, o Bikənin ciyəri ağzına gəlsin.
Bunu, böyründə oturan Xədicə dedi, maşının şüşəsini açıb, məktəbin arxada qalan binasına tərəf tüpürüb, əsəbi hərəkətlərlə yaylığının düyününü bərkitdi.
- Sən hardan tanıyırsan Bikə müəlliməni?
- Hardan tanıyıram?.. Məktəbdən. Burda oxumamışam?!.. O qoca ifritənin mənim başıma açdığı oyunları Allah heç kimə göstərməsin. Onu görüm, heç o dünyada da rahatlıq tapmasın.
Başının tükləri qabara-qabara fikirləşdi ki, gör, Bikə nə vaxtın Bikəsidi?..
- Bir dəfə nə var - nə var, dəhlizdə dayanıb sinif yoldaşımla - qonşunun oğluyla danışmışdım. Buna görə bütün sinfin gözü qabağında hörüyümün birini kəsib qucağıma qoydu. Rəhmətliyin qızı Qacar idi elə bil…
Xədicəni bu yerdə ağlamaq tutdu, boğazını qəhər sıxdı deyə, sözünün ardını gətirə bilmədi, ciblərini eşələyib burun yaylığını çıxartdı, gözlərinin altını, sonra bütün üzünü sildi.
- Bunun üstündə evdə də məni o ki, var döyüb qalan saçımı da kəsdirdilər. Ondan sonra oğlan uşağı görəndə, elə bil cin-şeytan görürdüm.
Pəncərənin şüşəsini endirib, getdikcə arxada qalan məktəbin, qaranlıq pəncərəli hündür binasına baxdı. Qulağına uzaqdan, elə bil getdikcə kiçilən məktəbin binasından mahnı səsi gəldi. Bikə müəllimə oxuyurdu, nədi?!..
Vahimədən tükləri biz-biz oldu, şüşəni qaldırıb titrədə-titrədə:
-Soyuqdu. - dedi.
Xədicə də geriyə çönüb, məktədin, gözdən itməkdə olan binasına baxa-baxa içini çəkdi:
- Can bacım, bu məktəbi görüm xaraba qalsın... - dedi.



* * *



…Gulağa kətili həyətin ortasında qoyub oturmuşdu, qıçının birini əsəbi-əsəbi əsdirə-əsdirə onu gözləyirdi. Həyətə girməiyi ilə, yanağına çırpılan şillədən gözündən qığılcım çıxmağı bir oldu.
- Anovı ağlar qoyaram!.. – Gülağa dişini qıcıda-qıcıda dedi və əsəbilikdən sözünün ardını gətirə bilmədi.
Şillədən sonra Gülağanın hirsi elə bil bir qədər soyudu, o, bir müddət də əsəbi-əsəbi fısıldaya-fısıldaya bacısının məzlum görkəminə baxıb elə bil keyidi, sonra nə fikirləşdisə, yumruqlarını düyünləyib üzünü göyə tutub yanıqlı səslə:
-Allah mənə ölüm versin! – dedi.
Fatma özünü yataq otağına zorla çatdırdı. İçəri girib çəkməli-paltolu üzüqoylu çarpayısına yıxıldı, ağzını balışın içinə basıb nəfəsini saxlaya-saxlaya o vaxtacan saxladı ki, ürəyinin döyüntüsü dayana, ürəyi qapqara qanla dolub partlaya… Amma saxlaya bilmədi, sıxılıb, iri yumruq kimi boğazının yoluna dirənən sıxıntıya dözməyib axır ki, nəfəsini buraxdı və kürəyi üstə çevrilib sakit-sakit ağladı.
Anası gəlib çarpayının o biri gözündə oturmuşdu, ona baxa-baxa içini çəkib:
- Allaha xoş getməz, bala, axşam vaxtı ağlamazdar. Böyük qardaşındı, hirslənib. Bu vaxta küçədə adam qalar?.. – dedi - Dur ayağa, əynini dəyiş, təzə çay dəmləmişəm.
Üzünü tutub fikirləşdi ki, ayağa qalxa bilməyəcək. Əvvəla bayaqkı şilləyə görə anasından utanır. Bir də, ayağa qalxıb soyunmağa, yenə yaşıl zolaqlı ev xalatını geyinib mətbəxə keçməyə, orda anasıyla üzbəüz oturub, onun qocasayağı suallarına cavab verməyə daha gücü yoxdu. Ümumiyyətlə, daha heç nəyə gücü, qüvvəsi yoxdu. Ölmək istəyir, vəssalam.
Üzünü, hələ də çarpayının o biri gözündə oturub ona zillənən anasından gizlətmək üçün böyrü üstə çöndü və fikirləşdi ki, kaş ki, bayaq saçına düşən alovu söndürməyə qoymayaydı, alov saçıqarışıq bütün başını, ordan da bədənini ütəydi, sümüyünəcən yandırıb kül eləyəydi onu. Axı kimə lazım idi?.. Anası da, Gülağa da, elə o biri qohumları da, onun evdə qalıb qarımağından utanıb yerə girirdilər, işdə – professor xilas olmaq istəyir ondan, sir-sifət də bu kökdə. Yumruğunu ağzına basıb gözünün yaşını tökə-tökə, ürəyində sidq-ürəkdən: « Ay Allah, Sən Özün ölüm göndər mənə.» - dedi və elə bil bunu deyəndən sonra rahatlandı, göz qapaqları da ağırlaşdı… Sonra deyəsən gördükləri yuxuydu… o, dəli həyəcanla ondan qaçıb uzaqlaşan bir dəstə adamın ardınca qaçırdı. Qaçanlar – qonum-qonşu, bir də Gülağanın arvad-uşağı idi…
- Qulaq asın, ay camaat!.. – qaça-qaça, nəfəsi kəsilə-kəsillə qışqırırdı – mən sizin ardınızca qaçmıram!.. Mən qaçıram, sizə deyim ki… mən… sizin ardınızca qaçmıra-a-am!..
Adamlarsa ona inanmırdı elə bil, arda bir geriyə qanrılıb, ayaqlarını bir az da yeyinlədirdilər… qaçdıqca hiss eləiyrdi, necə əynindəkilər, soğan qabığını tökən kimi soyulub, küləyin istiqamətiylə harasa geriə sovrulur…
…Kimsə ehmal-ehmal soyundururdu onu. Anasıydı deyəsən. Yaylığını, onu oyatmamaqdan ötrü yavaşca çəkib boynundan sürüşdürürdü, çəkməsinin bağlarını açırdı. Sonra anası oyandığını görüb astaca:
-Bəlkə gətirim çayını, burda içəsən?! – dedi.
Dinmədi. Öz səsini eşitmək də indi böyük bir dərd idi.
- Qonşuya da hüzr düşüb. Yazıq gəlin, üç uşaq anası. Allaha qurban olum, özü bilən məsləhətdi. Əri elə ağlayırdı-elə ağlayırdı, «Məni də öldürün…» - deyirdi, «bu tifilləri də…» - deyirdi. Adamın tükü ürpənirdi...
Anası danışdıqca, dəhşətdən az qalırdı uzandığı yerdəcə boğulub ölə. Ölən - xınasaç gəlin idi... onun qurbanı…
Sonra başının tükləri qabara-qabara, bir neçə gün qabaq Xədicənin, boğazının damarları şişə-şişə həmin o gəlin barədə dedikləri yadına düşdü, qəzəbdən, ya nədənsə yığılıb qara, qorxunc nöqtələrə çönən xırda gözləri gözünün qabağına gəldi…
Gör bir nə iş tutmuşdu, neyləmişdi?!.. Adam öldürmüşdü. Özü də nəyə görə?!
- Belə dərdlər var, bala. Sən də hər şeyi ürəyinə salırsan. Bu dünya ölüm-itim dünyasıdı, hər şeydən ötrü özünü üzməyə dəyməz. – anası deyib ayağa qlaxdı, ayalarını döşəməyə ehmal-ehmal basa-basa, yavaş-yavaş mətbəxə getdi.
Anasının bu sözündən sonra qonşu gəlinin, hər səhər evindən çıxanda, özündən sonra həyət boyu ecazkar ətir izi salan xınalı saçları, balaca, çəhrayı üzü, sərçə balalarına oxşayan göyçək uşaqları gözünün qabağına gəldi. Bir anlıq ayağa qalxıb həyətə çıxmaq, orda – həyətin ortasında dizi üstə düşüb var gücüylə: «məni öldürün, məni!» - deyib çığırmaq istədi, sonra Gülağanın əsəbi üzü gözünün qabağına gəldi, bir də ayağa qalxmağa heyi də yox idi. Elə bil bədəninin qanını, şirəsini çəkib nəyinsə içinə süzmüşdülər. Üzünü balışın içinə soxub hönkürtü...
Anası mətbəxdə nə isə eləyə-eləyə, ağzının içində deyəsən hələ də xınasaç gəlindən danışırdı.
Bayırda möhkəm külək qalxmışdı. Xədicə də bayaq elə də demişdi. Demişdi: «külək ki, qalxdı, bil ki, cadu batil oldu.»
Demək, cadu doğrudan sınmışdı… - ağlaya-ağlaya fikirləşdi. Demək, indi, Xədicənin dediyi kimi, yolu açıq idi... Demək, indi o, yolunu bağlayan gəlini öldürüb, qara torpağa basdırıb üstündən keçərək, öz ağ gününə gedə bilərdi...
Ürəyi bulanırdı… Elə bulanırdı, elə bil qurbağa udmuşdu. Xədicənin bayaqkı qapazından gicgahı lükküldəyirdi.
- Balamsan, dur ayağa, bura gəl, gör nə bişirmişəm səninçün?!.. –anası mətbəxdən, balaca uşaq səsiylə deyirdi.
Özünü sakitləşdirə-sakitləşdirə fikirləşdi ki, bəlkə də heç gəlinin ölümünün, Xədicənin cadupitiliyiylə bir əlaqəsi yoxdu?.. O qədər bədbəxt hadisə baş verir, bu da onlardan biri. Sonra yadına, Xədicənin, hələ o dəfə fal açanda, altdan-altdan onun üzünə Baxa-baxa: «Bdu bax, sənə tərəf gələn var…» - deməyini xatırladı. Fikirləşdi ki, görən kim idi, o gələn?! Hələ ki, o «gələn» kim idisə, yan-yörəsində görünmürdü. Bəlkə də Xədicə demişkən, o adam var idi və ona tərəf də gəlirdi, onu o görmürdü?!..
Ağlamaqdan burnu şişib keyimişdi. Anası gecədən xeyli keçənə qədər mətbəxdə çaqa-çuruq sala-sala nəisə bişirdi-düşürdü, sonra işığı keçirib gəlib yerinə girdi. Bir müddət yerinin içində ayaqlarının ağrısından ufulduya-ufulduya qurcalanıb o yan-bu yana çöndü.
Özünü yuxuluğa vurub fikirləşdi ki, anası da qocalıb daha, evin içində özünü zorla hərləyir. Günlərin birində, anası beləcə ıhıldayıb-ufuldayıb, gözlərini əbədi yumacaq. Onda o, tamam tək qalacaq.



* * *



Çönüb qaranlıqda anasına baxdı. Anası yenə elə bil nəfəs almırdı.
Bir müddət nəfəsini saxlayıb, anasının yarımaçıq qalan ağzına, hərəkətsiz sinəsinə baxdı. Hə, anası nəfəs almırdı…
Yastığa dirsəklənib, qulağını anasının ağzına yaxınlaşdırdı.
Anası qəfildən xoruldayıb, bayaqdan hardasa qarnının içində saxladığı nəfəsini onun üzünə üfürdü. Dik atılıb geriyə sıçradı, bədənini soyuq tər basdı. Yerinə uzanıb yorğanı başına çəkdi. Bayaqkı mənzərə - qaranlıq qəbiristanlıq, Xədicənin, torpağı eşməkdən çirklənmiş əlləri, xınsaç gəlinin ölümünü ona xəbər verən anasının kədərli üzü gözünün qabağına gəldi.
…Böyründən soyuq hava axdı. Sonra lap burnunun ucunda bir cüt yaşıl işıq yandı. Əlini yorğanın altından çıxarıb, pişiyin belini tumarladı. Pişik mırıldayıb başını onun üzünə sürtdü, quyruğunu fırladıb dolça kimi yastığının üstündə oturdu.
-Nədi?.. – anası oyanmasın deyə, astaca pıçıldadı.
Pişik onun bu sözündən sonra quyruğunu qaldırıb, sinəsini yastığa basdı, caynaqlarıyla yastığın üzünü didişdirə-didişdirə, yazıq-yazıq miyoldadı. Yorğanı qaldırıb pişiyi qucağına saldı, sinəsinə sıxıb, başını, belini tumarladı. Tumarladıqca, pişik gözlərini yumub ləzzətlə mırıldadı, başını onun boynuna sürtdü. Fikirləşdi ki, bax, indi əgər bu pişik erkək olsaydı, itələyib onu yerə salacaqdı, başmağının bir tayını da ardınca tulazlayacaqdı ki, bir də qələt eləyib yatağına dırmaşmasın. Amma bu bədbəxt də onun kimi qız idi. Onun kimi başı qara, üzü ağ.
Pişik başını boynuna sürtdükcə, gözlərinin qapağı yorğun-yorğun ağırlaşırdı… Sonra pişik başını onun boynuna sürtməkdən yorulub öpməyə başladı. Pişik onu öpdükcə, həm də elə bil böyüyürdü, ağırlaşırdı… «Bilirəm… - pişik qalın kişi səsiylə deyirdi - məni gözləyirdin… Amma gəldiyimi heç kim bilməsin… yoxsa səni də öldürürlər, məni də, iti qovan kimi qovarlar buralardan…»
Qollarını pişiyin boynuna dolayıb:
- Onda de ki, atmayacaqsan məni… - deyib ağladı.
Pişik dinmədi, elə bil onu eşitmədi, bayaqkı kimi boynunu, saçlarını öpüb mırıldadı...
-Niyə dinmirsən? – dedi və ürəyinin əsəbi-əsəbi döyündüyünü hiss elədi. Sonra birdən hər şeyi başa düşdü. Pişik bir daha gəlməyəcəkdi yanına. Sadəcə, gələ bilməyəckdi. Olsun ki, bezəcəkdi, ya getməyə ayrı yer tapacaqdı, burası dəqiq deyildi. Belə fikirləşdikcə, boğazını qəhər tutdu, ürəyi sıxılıb sinəsini ağrıtdı, pişiyi geriyə itələyib:
-Deməli, gəlməyəcəksən… - dedi – demək, atacaqsan məni…
Pişikdən, bayaqkı mırıltısından savayı ayrı səs çıxmadı.
- Di dur onda, rədd ol burdan! Rəd ol!.. – deyib qışqırdı. – Pişt!..
Pişiksə onun çığırtısına əhəmiyət vermədi, mırıltısını da kəsmədi, qollarını bədəninə dolaya-dolaya, ona pərçimlənib qaldı.
Özünü ha tərpətdi, ha əl-qol atdısa da, pişiyi üstündən itələyib yerə sala bilmədi. Pişik daha bayaqkı kimi onu öpüb-eləmirdi, ağırlığını üstünə salıb elə bil yuxuya getmişdi.
Ürəyi sıxıla-sıxıla, nəhəng pişiyin altından qıvrıla-qıvrıla:
-Burax məni!.. Rədd ol!.. – dedisə də, pişiyə kar eləmədi. Haçandan-haçana pişik başını qaldırıb onun üzünə baxdı... və dəhşətdən az qaldı nəfəsi kəsilə… Çığırmaq istədi, kiminsə əli ağzına basıldı...
Qonşuları Rza kişiydi, nurani üzüylə, ağ bığ-saqqalıyla ona baxırdı, dişsiz ağzıyla:
- S-s… sakit ol... – deyirdi, sonra pişiyin səsiylə - yoxsa öldürərlər səni… Məni də, iti qovan kimi qovarlar burdan...
Rza kişinin əli, ağız-burnunu elə kip bağlamışdı, nəfəs almağa iynə ucu boyda belə yer qalmamışdı. Odu ki, eləcə Rza kişinin qucağında çabalaya-çabalaya boğulub öldü. Rza kişi onun öldüyünü görüb ayağa qalxdı, yerə düşüb pişik kimi dördəlli yeriyə-yeriyə otaqdan dəhlizə, ordan da, çöl qapısını cırıltıyla açıb həyətə çıxdı. Bir qədər sonra həyətdən Rza kişinin səsi eşdildi:
- Ay camaat!.. Fatma öldü, ay camaat!.. – Rza kişi deyib hönkürə-hönkürə ağladı.
Sonra beş dəqiqə keçmədi ki, evləri adamla doldu. Bütün məhəllə axışıb onlara gəlmişdi. Arvadlar ağlaşa-ağlaşa otağa doluşub, böyründə hələ də xorna çəkib yatan anasının başına yığılmışdılar. «Can ay bala… can - Fatma!..» - deyib ulaşa-ulaşa ağlaşırdılar. Sonra bir neçə kişi daxil oldu otağa. Gülağa da onların arasındaydı. Kişilər anasını nəyəsə büküb qaldırdılar, arvadların arasında itələşə-itələşə otaqdan çıxardılar. Olsun ki, məscidə – yumağa apardılar. - fikirləşdi. Sonra da fikirləşdi ki, axı niyə anasını apardılar, ölən ki, o idi?!..
Sonra bir istədi, yerindən sıçrayıb, anasını məscidə aparanların yolunu kəsə, səsi gəldikcə qışqırıb: «Ay camaat, siz neynirsiz, sappasağ arvadı hara aparırsız?» - deyə, sonra fikirləşdi ki, qışqırsa, bu başılovlu məhəllə camaatı anasını yerinə qoyub, onu aparacaqlar, məscidin qadın mürdəşirlərinə təhvil verib, özləri həyətdə, təmiz havada dura-dura mərasimin bitib başa çatmağını gözləyəcəklər, mürdəşirlər də onu, ölü yuyulan daşın üstünə sərib, üstünə vedrə-vedrə soyuq-isti su əndərə-əndərə, döşəməni yuyan kimi, yuyacaqlar… Odu ki, səsini çıxarmadı, gizlicə ağlaya-ağlaya fikirləşdi ki, anası onun badına getdi. Yazıq anası... Sonra o qədər yazığı gəldi anasına, ürəyi o qədər ağrıyıb əzildi, hiss elədi ki, qışqırmasa, ürəyi partlayacaq. Amma qışqırmadı, eləcə sakitcə ağlaya-ağlaya:
- Ay anna… - deyib ağladı…
- Bisimillah!.. Bisimillah!..
…Otaq qaranlıq idi. Hardansa uzaq qaranlıqdan azan səsi eşidilrdi.
Anası yatağın içində çöməlib, onun başına əl-ayaq qoyurdu:
- Lənət şeytana!.. Min lənət!.. Dur ayağa, bala, dur get, əl-üzünü yu. Suya danış yuxunu.
Sonra anası ayaqlarını çarpayıdan salladıb başmaqlarını geyinə-geyinə, ağzının içində:
-Bu nə görəcəkdi, ay Allah, bu nə zülümdü verirsən bizə?.. – deyə- deyə otaqdan çıxdı.
Qalxıb yerinin içində oturdu. Pişik çarpayısıyla üzbəüz, döşəmədə oturmuşdu, gözlərini yaşıl düymələr kimi parıldada-parıldada ona baxırdı.
Balışı başının altından sivirib pişiyə atdı. Pişik vığıldayıb dəhlizə qaçdı.
Bayaqkı yuxusunun təsirindən idi, ya Gülağanın dünənki şapalağından idi, nə idisə, başı möhkəm ağrıyırdı. Üzü üstə çönüb zarıdı.
Anası onun zarıltısını eşitmirdi, o biri otaqğın yuxarı küncündə üzüpəncərəyə oturub sübh namazı qılırdı. Anası bu dəfə elə bil həmişəkindən çox qıldı namazı, sonra ayağa qalxıb, bir müddət o biri otağın ala-qaranlığından, nə isə qorxunc bir şeyə baxan tək, ona baxdı.
İçində – hardasa qarnının sol tərəfində nə isə tərpəndi elə bil... Bu əcayib tərpənişdən ürəyi bulandı, başını çarpayıdan sallıyıb ögüdü.
Anası hövlənak özünü içəri salıb onun başından tutdu, o, hər ögüdükcə:
- Ay Allah, sən özün saxla... - dedi.
Ögüməkdən gözləri qaraldı, içindəki bulanma get-gedə artıb boğazının yoluna dirəndi. Elə bil mədəsinə iri, yumşaq çömçə salıb, dovğanı bulayan kimi, bulayırdılar, içindəkiləri bir-birinə qatıb-qarışdırırdılar.
Anası əlləri əsə-əsə, ehmalca onu kürəyi üstə döşəyə yıxıb, üzünü, saçlarını sığalladı, içi qorxu dolu gözlərlə:
- Sənə noldu, mənim balam? - dedi, sonra ayağa qalxıb, ayağı sürüşə-sürüşə mətbəxə qaçdı.
İçində həqiqətən nə isə tərpənirdi. Qurbağaydı, balıq idi, nəydisə, axır ki, əlini göbəyinin üstünə qoyanda, ovcunun içini qıdıqldayırdı.
Ürəni döyünə-döyünə yadına bir-bir dünən, srağagün, ta srağagün yediklərini saldı. Hamısı xəmir idi.
Anası əlində fingan içəri girib yanına gəldi, çarpayısının kənarına əyləşib, fincanın içindəki şərbəti ona içirdə-içirdə, ağlamsına-ağlamsına:
- Noldu axı, a bala sənə?.. – dedi - Gözə gətirdilər səni, nədi?!..
Şərbət elə şirin idi, elə bil mürəbbə içirdi. Mədəsi şərbətin axırıncı qurtumunu qəbul eləmədi, ögüyüb içdiyinin hamısını yorğan-döşəyə tökdü.
Anası fincan əlində gerəyə çəkilərək, rəngi ağara-ağara:
- Soyuq olub sənə… - dedi – Sözə quraq asırsan ki?.. Neçə dəfə deyirəm, eşitmirsən, çölə çıxanda başını bağla…
Bir azdan yataq otağı adamla doluydu. Gülağa, həmişə kimi, arvad-uşağıyla gəlmişdi. Əlibalagil, xalaları, qonum-qonşu çarpayısının ətrafında oturub dinməz-söyləməz onun üzünə baxırdılar. Bircə Gülağa içəri keçmirdi, mətbəxdə oturub siqareti-siqaretə calayırdı.
Uşaqlar stolun altında maşın sürür, mətbəxdən otağa, otaqdan mətbəxə qaçıb qışıqırışırdılar.
Anası mətbəxdə deyəsən yenə nə isə bişirirdi. Sarıköklə qovrulan ərinmiş yağ iyi gəlirdi. Bu iydən ürəkbulanması bir az da artırdı.
Gözünü yumub ağzıyla nəfəs aldı. Belədə quymağın iyini hiss eləmirdi, bir azdan iri-iri boşqablarda süfrəyə gələcək yağlı quymağı yeməyə hazırlaşan qohum-əqrəbasını da elə bil görmürdü.
Gözünü yumub qaranlığa baxdı. Göz qapağının içi, qapısız-pəncərəsiz otağın içi kimi zülmət qaranlıq idi, arada bir qırmızı, sarı işıqlar yanıb-sönə-sönə o yan-bu yana sıçrayırdı. Sonra həmin o qaranlıqda nə isə yırğalanmağa başladı. Dəniz idi, ya bataqlıq idi, başa düşmək olmurdu. Ağır-ağır çalxalanıb, yumru ləpələrlə ləpələnən - sarımtıl, qatı mayeyə oxşayan bir şey idi. Sonra bu mayeni necəsə, burnunu açıb iyləməsə də, iyindən tanıdı. Quymaq idi… ağız-burnundan keçə bilməyib, gözünün içinə dolmuşdu, indi gözünün içiylə qanına yeriyirdi.
Çox keçmədi ki, həyətdən uşaqların çığırtısı gəldi. Uşaqlar dəstəylə isəri doluşub:
- Gəldilər!.. Gəldilər!.. – deyə-deyə çığırışdılar. Sonra çox keçmədi ki, içəri, əllərində çantalar, iki nəfər ağ xalatlı cavan adam daxil oldu, çantalarını yerə qoyub, onunla üzbəüz əyləşdilər. Həkimlərdən təmiz hava iyi gəlirdi.
- Şikayətiniz nədəndi? – həkimlərin biri - boyca kiçiyi ona, harasa boş bir yerə baxan kimi, baxa-baxa dedi.
Ağzını açıb danışmaq istəyirdi ki, otaqdakılar imkan vermədilər.
-Gecədən ögüyür, doktor. – Gülağanın arvadı xüsusi bir yanğıyla dedi.
- Rəngi sapsarıdı, görürsüz? – bunu da Gülağanın yanında oturan xalaqızı dedi.
-Vapşe, neçə vaxtdı yaxşı yemir. – anası qapının ağzından dedi -Yuxusu da çəkilib.
Həkim üzünü turşudub, Fatmanın biləyindən tutdu, nəbzini yoxladı, sonra qan təzyiqini ölçüb:
-Dünən nə yemisiz? - dedi.
-Xingal. – deyib, nədənsə qızardı.
Həkim bir müddət fikrə gedib, sonra qaşlarını çatdı, harasa kənara:
– Olsun ki, soyuqlamısınız. - dedi – Ayrı elə bir şey görmürəm.
Həkim bunu deyib ayağa qalxdı, küncdəki masasının arxasına əyləşib, orda çantasından çıxardığı ğalaca ressept kağızında uzun-uzadı nə isə yazdı.
Bir istədi həkimə, qarnının aşağı hissəsində hələ də əcayib-əcayıib tərpənən «nə isə» barədə desin, sonra gözü, otağın aşağı başında, qoca qartallar kimi çiyin-çiyinə oturub çatma qaşlarının altından ona zillənən Gülağayla Əlibalaya sataşdı, odu ki, heç nə demədi.
Qonaqlar uymağı yeyib, üstündən də beş-altı stəkan mürrəbəylə çay içəndən sonra evlərinə dağılışdılar. Gülağa, həkimin yazdığı kağızı cibinə qoyub aptekə getdi, bir qədərdən sonra bir yığın dava-dərmanla qayıdıb gəldi, dərmanları yastığının böyrünə yığıb mətbəxə keçdi, orda günahkar səslə anasına:
-Bəlkə dünənkinə görə oldu?.. – dedi.
Gülağa gedəndən bir müddət sonra, içindəki «balıq» yenə tərpəndi, balaca üzgəclərini xırda-xırda titrədə-titrədə elə bil üzmək içtədi, qarnının bir tərəfindən o birinə üzə-üzə içini qıdıqladı...
Ürəyi döyünə-döyünə fikirləşdi ki, bu nə dərddi düşdü? Dərdini kimə desin? Sonra ağlına gələn dəhşətli fikirdən az qaldı ürəyi dayana.
Bəlkə qarnının içini qıdıqlaya-qıdıqlaya balıq kimi o baş-bu başa üzən – onun fikirləşdiyi kimi «nə isə» yox, bətninə düşən körpə idi?!.. Sonra ürəyi döyünə-döyünə fikirləşdi ki, axı hardan düşə bilərdi bətninə, onun ki, Nazilə demişkən «əlinə hələ kişi əli dəyməmişdi?!..»
Anası gəlib onunla üzbəüz oturmuşdu, içini çəkib, ağzının içində asta-asta, nə isə ibrətamiz sözlər deyə-deyə, dərdli-dərdli yellənirdi.
- Ana... – dedisə də, anası hay vermədi, deyəsən eşitmədi onu, gözü üzündə, əlləri dizinin üstə oturub ona baxa-baxa qaldı.
- Ay ana!..
Anası fikirdən ayılıb:
- Ay can… - dedi, yaxına gəlib çarpayısının kənarına əyləşdi.
Əlini qarnına qoyub:
- Burda nə isə tərpənir... - dedi.
Anası yorğanı qaldırıb göstərdiyi yerə - onun qarnına baxdı, sonra köynəyini qaldırıb göbəyinin altını əlləşdirdi.
- Bağırsağın soyuq səkib. – dedi - Həmişə deyirəm, altdan qalın geyin.



* * *


Həkim göbəyinin altını bir xeyli əlləşdirib eynəyini saçlarına keçirdi:
-Üç ay yarımlıqdı… - deyib Fatmanın üzünə baxdı.
Həkimin bu sözündən, Fatmanın gözlərinə qaranlıq çökdü.
- Axı mən...
Həkim başını yelləyib rezin əlcəkləri dartışdıra-dartışdıra əlinə keçirdi:
- Dekret vərəqiyçün iki həftədən sonra gələrsən. – dedi.
- Yox, demək istəyirəm… - sözünün ardını gətirə bilmədi, başını aşağı salıb pörtdü.
Həkim orta yaşlı, qıvraq ədalı bir qadın idi, Fatma belə deyəndə eynəyinə gözünə taxıb üzünə bu dəfə eynəkdən baxdı:
- Nə demək istyirsən?.. – dedi, sonra Fatmanın dinmədiyini görüb hövsələsiz səslə - Nə deyirsən, ay qız?..
- Mən ərdə deyiləm.
Həkim eynəyini yenidən saçlarına keçirib stolunun arxısına əyləşdi:
-Çox pis… - dedi - nə olmuşdu, dünyanın axırıydı?
Fatma xəcalətindən püçür-püçür tək tökdü:
- Siz… Mən qadın deyiləm.
Həkim rezinli əllərini yuxarı qaldırdı:
-Ona hələ baxarıq… - dedi.
Fatma ginekoloji kresloya qalxıb, orda bir müddət əlləri üzündə, xəcalətdən, qorxudan, həyəcandan boğula-boğula uzanıb qaldı.
Başında böyüdücü güzgü, içalatını yoxlayan həkimdən səs çıxmırdı.
-Qəribədi. – həkim yoxlamanı bitirib, əlləri belində ona baxırdı.
- Nə qəribədi?..
- Çox qəribədi. - həkim əlcəklərini çxardıb kreslonun altındakı iri, plastmass vedrəyə atdı, sonra əl-üzyuyanın qabağına keçib orda bir müddət fikirli-fikirli əllərini yudu.
Fatma kreslodan düşüb, gözü həkimin üzündə, ürəyi əsə-əsə, tələm-tələsik geyindi.
-Sən belə elə. – həkim əllərini qurulaya-qurulaya, ona niyəsə günahkar üzlə baxa-baxa dedi - Sabah bizdə məsləhətxana üzrə konsilium olacaq. Adətən ildə bir-iki dəfə belə konsilium olur. Bəxtindən, sabaha təyin olunub. Professor Qurbanovun özü də gələcək. Saat on birdə burda ol, qoy onlar da baxsınlar.
-Kosilium?..
-Yeddi-səkkiz həkim, bir də professor Qurbanov. – həkim deyib köksünü ötürdü.
Bir istədi desin ki, «axı Qurbanov kişidi», demədi, ayaqqabılarını geyinib, dinməz-söyləməz kabinetdən çıxdı. Dəhliz boyu yeridikcə, sahə həkiminin, mərhəmət dolu baxışlarını kürəyində, ayaqlarında hiss elədi.
Küçəyə çıxıb tini buruldu. Aşağıdan – maşın yolunün ortasıyla tabut gətirirdilər. Tabutun ardınca beş-on adam gedirdi. Qabaqda, bir-birinin ardınca iri-iri əklillər aparırdılar. Əklillərdən qabaqda gedən qara haşiyəli çərçivədəki şəkli tanıdı.
Bikə müəllimə idi... Hələ indi ölmüşdü. Üzündə o vaxtların qəzəbi, ülgüc kimi par-par parıldayan sivri çənəsi yerində idi… xırda gözləri şəkirdən ona elə zillənmişdi, elə bil bu dəqiqə başını qara çərçivədən çıxarıb, gözünü ağarda-ağarda: «Sən burda neyniyirsən, ay qız?..» – deyəcəkdi, qolundan tutub onu da şəklinin içinə salacaqdı, salıb özüylə qəbiristanlığa aparacaqdı…
Vahimədən dizləri əsə-əsə, yolun kənarındakı qəzet köşkünün arxasına keçib gizləndi, ordan tabutun ardınca baxa-baxa, Bikə müəllimənin, əti əriyib, quru sümükləri tabutun dibinə pərçimlənən bədəninin tərpənəcəyini gözləyirdi.
Bikə müəllimə ölə bilməzdi… Bikə müəllimə - Ölümsüz Kaşşey kimi əbədiyaşar idi…
Tabüt uzaqlaşdıqca, cərcinlikdən içi titrəyirdi. Sonra lap uzaqda Bikə müəllimənin, tabutun dibinə pərçimlənən bədəni elə bil tərpəndi də, amma tabutu aparanlar həmin dəqiqə cənazəni yerə endirib, tabutu tələm-tələsik hərəkətlərlə, yolun kənarında onları gözləyən təcili yardım maşışının arxa qapısından içəri saldılar, əklilləri də tələm-tələsik ayrı maşınlara yığıb, özləri də minib, təcili yardım maşınının ardınca yola düzəldilər.




* * *




Axşamüstü ürəkbulanması bir az da gücləndi. Əl-üzyuyana dirsəklənib bir neçə dəfə, ağzı sulana-sulana ögüdü. Anası gəlib hamamın qapısında dayandı, əli sinəsində, qorxudan böyümüş gözlərlə ona baxdı.
Bir azdan hər ikisi yerlərinə girib işığı keçirmişdilər, yanaşı uzanıb dinməz-söyləməz qaranlıq tavana baxırdılar. Bir qədərdən sonra anası deyəsən yuxuladı. Çünki otağı, anasının kəsik xorultuları bürüdü. Amma çox keçmədi ki, hiss elədi ki, anası yatmayıb, ağzının içində nə isə pıçıldaya-pıçıldaya gözünü tavana zilləyib. Elə bil tavanla dərdləşir.
Çönüb anasının saçlarını tumarladı, sonra səsi divarın o üzünə getməsin deyə, astadan:
- Niyə yatmırsan?.. – dedi.
- İmamların ruhuna dua oxuyuruam, kömək olsunlar sənə.
Heç nə deyə bilmədi, üzünü balışın içinə soxub ağladı.
- Bilirəm… - anası qaranlıq sakitliyin içinə dedi - bilirəm, gün kimi, su kimi tərtəmizsən… - sonra ona sarı çönüb qaranlıqda gözünün içinə baxdı:
-Allahın işidi bu, bala. - dedi.
Ağlaya-ağlaya anasının qucağına sığınıb, uşaqlıqda elədiyi kimi, başını saçlarının arasında gizlətdi. Anasının boynu isti və yumşaq idi, saçlarının dibindən, o vaxtlardakı kimi, yenə süd iyi gəlirdi.
Anasının əli saçlarında, üzündə gəzdi:
- Dua elə bala, dua - hər şeyin açarıdı. – dedi.



* * *


Aylar ötürdü… Fatmanın ürəyi daha bulanmırdı, əksinə özünü quş kimi yüngül və rahat hiss eləyirdi. Səhər-axşam evdə oturmaqdan da daha ürəyi sıxılmırdı, darıxmırdı. Əlini qarnına qoyanda, körpəsinin başını, əl-ayağını ovuclarında hiss eləyirdi, yerinə uzanıb barmaqlarını qarnının üstüylə gəzdirə-gəzdirə körpəsiylə oynayırdı.
Axır vaxtlar qarnının dərisi nazilib tül kimi şəffaf olmuşdu deyə, Fatma qarının içini ovcunun içi kimi, apaydın görməyə başlamışdı. Odu ki, saatlarla eyvanın gün düşən tərəfində oturub, köynəyini yuxarı qaldırır, barmaqlarının ucuyla körpəsinin yanaqlarını qıdıqlayır, ehmal-ehmal yumulu gözlərinə, balaca burnuna toxunurdu. Körpənin hansı yeməyi xoşlayıb-xoşlamadığını da Fatma bir neçə aydan sonra dəqiq müəyyənləşdirmişdi. Körpə turş yeməyi qətiyyən xoşlamırdı, Fatma ağzına turş dadan nə isə qoyan kimi, əl-ayağını, tısbağa qınına yığılan tək, özünə yığıb qarnının bir küncünə çəkilirdi və Fatmanın çağırışlarına məhəl qoymadan saatlarla küsüb hərəkətsiz qalırdı. Onda Fatma tez bal, ya mürəbbə yeyirdi, şirin çay içib, körpəsinin ürəyini alırdı.
Hərdən də Fatmanın qarnının içinə elə bil qapqara duman çökürdü. Qarnının içi ağır, qənbər daşlarla dolan tək ağırlaşıb tutqunlaşırdı. Belədə Fatma üzü günəşə oturub, qarnını ha işığa tuturdusa da, qarınnın dərisini dartışdırıb içinə baxırdısa da, heç nə görə bilmirdi. Onda Fatma eləcə diqqətlə, uzun-uzadı əllərinə baxırdı… balaca, küsəyən körpəsini əllərinin içində, ovuclarında, barmaqlarının ucunda axtarırdısa da, nə barmaqlarının uclarında, nə qollarında, nə boynunda və sinəsində uşaqdan əlamət tapmırdı… Onda Fatma qorxudan gözləri qarala-qarala, qarmaqarışıq fikirləri bir-birinə dolaşa-dolaşa, bir neçə vaxt bundan əvvəl qarnında balıq kimi o baş-bu başa üzən körpəsini həqiqətən görüb-görmədiyini yadına salmağa çalışırdısa da, dəqiq heç nəyi xatırlaya bilmirdi... Başı alma boyda olan balaca, körpə canlının qarnında olub, olmadığını heç cür dəqiqləşdirə bilmirdi...
Axır vaxtlarsa, Fatma ümumiyyətlə daha körpəsini heç harada axtarmır, səhərin gözü açılmamış, başmaqlarını sürüyə-sürüyə eyvana çıxır, orda, havası çatışmırmış kimi, eyvanın bütün pəncərələrini taybatay açır, özü artırmaya çıxıb açıq havada oturur, təmiz havanı ciyərlərinə çəkə-çəkə dərindən nəfəs alır, göyün təmiz maviliyinə baxa-baxa, fikrini bir yerə toplamağa çalışır, bütün olanların nə olduğunu, yaxud onların həqiqətənmi olub-olmadığını, yaxud, olduğu halda, niyə olmadığını zənn etdiyi barədə uzun-uzaddı, dolama-dolaşıq fikirlərin kilkəsində azıb qalırdı… Həyətdə top-top oynayan qonşu uşaqların arada bir ona:
- Fatma xala, qarnını bir dənə də göstər də… - deməsiylə isə, hər şeyi yenidən xatırlamağa başlayırdı…

Комментариев нет:

Отправить комментарий