Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


среда, 10 сентября 2008 г.

Yeni Azərbaycan 6 iyul 2000-ci il


Bütün əzabları mənə öz içimdə veriblər…

«İnsan ruhunu, kütlə psixologiyasının xırda qanunları çərçivəsindən mühakimə etmək -
Allaha meydan oxumaq qədər günahdı…»

İçinə enməkdədi. Bizsiz, Sizsiz… hamıdan xəbərsiz. Bu enmə anlarında, şüuraltı məkanın bizə tanış olmayan dolanbaçlarında HƏQİQƏTlərini tapmaqdadı AFAQ MƏSUD.
Bu həqiqətlərin aşkarlanması, yeni düyünlərin açılması, növbəti nöqtənin qoyulması, KƏŞF eyforiyyası bağışlayır insana. Afaq Məsudun kəşfləri…
Bu gün Afaq Məsudun ədəbi kəşflərindən danışacağıq. Daha doğrusu, müsahib özü danışacaq. Bu söhbətlərdə dünya, ölüm, tənhalıq, başlanğıcı və sonu bilinməyən yazılanlar və yazılacaqlar var…

Afaq xanım, Siz Tanrı tərəfindən daha çox həyati əzablarla mühakimə olunmusunuz deyəsən?
Atam vəfat edəndə on beş yaşım vardı. Və mən o beş yaşımda artıq o qədər əzablar çəkmişdim ki, atamın ölümünü o əzablardan növbətisi, növbəti sıravi ağrı kimi qəbul etdim.
O nə əzablar idi?
Dəqiq deyə bilməyəcəyəm. Çünki bunu özüm də dəqiq bilmirəm. Mən şəhərin ən gözəl mərkəzi küçələrindən birində, tanınmış professor Məsud Əlioğlunun ailəsində doğulmuşam. Geniş, işıqlı bir mənzildə yaşamışam. Ən kiçik övlad olduğumdan, evin ərköyünü olmuşam. Maddi korluq çəkməmişəm. Lap uşaq yaşlarından keçmiş Sovetlər Birliyinin az qala bütün kurortlarını, ən gözəl şəhərlərini gəzmişəm. Amma görünür, nədənsə korluq çəkmişəm. Bu, nəyin korluğu olub, uzun müddət anlaya bilmirdim. Bir müddət mən bunu atamın, yaşadığı dövrlə yola getməməsiylə, onun sıxıntılarıyla bağlayırdım. Sonralar nə isə ayrı bəhanələr tapırdım. İndi isə anlayıram ki, bütün o əzabları mənə öz içimdə veriblər.
Yazılarınızı oxuyanda bir şey daha hasil olur ki, Siz həddən ziyadə narahat insansınız. Sanki daim nəyinsə axtarışındasınız. Nəyi axtarırsınız? Maraqlıdır.
Desəm ki, həqiqəti, çox çeynənmiş söz alınacaq. Amma sözün əsl mənasında həqiqəti. Mən həqiqəti hər yerdə və hər şeydə axtarıram. Sözdən tutmuş, insanın ən mübhəm sirlərinəcən. Və sizə deyim ki, burda məsələnin qəlizliyi odur ki, mənim axtardığım həqiqət bir deyil. Bu dünyada həqiqətlər çoxdu, saysız-hesabsızdı. Bu həqiqətlər bəzən bir-birinə zildd çıxır, bəzən bir-birinə dəyib dolaşmadan rahat paralellərlə uzanıb gedir. Onların hamısını axtarıb tapmağa, dərk edib hansısa əsərə, bədii fikrə çevirməyə ömür çatmaz. Mən öz ömrümü demirəm. Ümumən insanlığın ömründən danışıram. Bu həqiqətləri mən, saatbasaat, günbəgün, meşədə adda-budda bitən ən nadir göbələkləri tapan təki bircə-bircə tapıram.
Sırf hisslər və duyğulardan yazaraq bizim daim qəbul etdiyimiz, bizə daha çox tanış və doğma olan bəşəri mövzulardan bir az aralı qalmaq deysən, Sizi narahat etmir?
Siz «bəşəri mövzular» deyəndə, nəyi nəzərdə tutursunuz? Mənim qısa hisslər, qırıq fikirlər şəklində yazdığım «Duyğular imperiya»-mı deyirsinizsə, ən bəşəri mövzular elə bunlardı. Əslində, o duyğuların hər biri dünya, ölüm, məhəbbət, tənhalıq və sair bu kimi əbədi mövzuda yazıla biləcək ayrıca hekayənin, irihəcmli romanın qısa şərhidi. Və onlar mənim iyirmi illik yaradıcılığımın kəmiyyətcə çox cuzi, keyfiyyətcə isə əsaslı bir hissəsidi. Mən başa düşürəm ki, bu qısa «Duyğular»-a nisbətən əsərlərimi oxumaq çətindi. «Duyğuların» yaranmasının bir səbəbi də elə budu. Bu qısa, sanki ötəri hisslər, anlamlar, əsərlərim barədə kiçicik izahlar verir. Son illər yazdıqlarımda, elə əvvəlki əsərlərimdə də bəşəri olmayan nə var ki?.. Cəmiyyətin ierarxiya qanunlarının təsdiq etdiyi birinci Adamı da, cəmiyyətdən kənar bir nöqtədə yaşayan alimi də, heç biri azad deyil. Hətta yuxularında da… Ayrı-ayrı vətənədaşı böyük mənada azad olmyan insan cəmiyyətindən hansı azadlıqları gözləmək olar?..
«Sərçələr» - balasını adlayıb sənətə – əbədiyyətə gedən təki ədəbiyyata gedən ananın faciəsidi. Əslində, bu hekayə, sənətin ecazı, gücü barədədi. Ananı balasından ayırıb aparan sənətin cazibə qüvvəsi barədədi. «Alman kilsəsi» - bəşəri musiqinin, bir azərbaycanlı ailəsinə daxil olaraq, onun daxili harmoniyasını, dincliyini darmadağın etməsi haqdadı. S.V.A.C.O. – tarixi hadisələrin axarıyla taleyini ayrı məmləkətdə yaşamalı olan və uzun bir dövr ərzində cəmiyyət kimi formalaşan rusdilli əhalinin faciəsi haqqındadı. Bütün yaradıcılığımın təhlilini vermək fikrindən uzağam. Amma bu fikirdəyəm ki, istər bəşərilik baxımından, istərsə də günümüzün siyasi-sosial mənzərəsi baxımından, ədəbiyyat üçün kifayət qədər iş görmüşəm.
Sizin yazdıqlarınızın çoxunda – hisslərinizdə, duyğularınızda Afaq Məsudun özü var. Ətrafdakılara çox az fikir verirsiniz. Niyə?
Siz də bilməmiş olmazsınız ki, dünyanın dərki insanın özündən keçir, ona görə. Bir də son illərin əsərləri - «Prezident», «S.V.A.C.O.», «Dahi», «Alman kilsəsi», «Müvəkkil Vaysman», «Azadlıq» romanı və digər əsərlərimdə mən yoxam. Bu əsərlərin qəhrəmanları siyasət adamları, yazıçı və şairlər, məmurlar, prezidentlərdi. Əvvəlki yaradıcılığımda da bu sayaq əsərlər az deyil. «Cəza», «Gecə», «Suiti», «Üzüişığa», «Yataqxana», «Çovğun», «Tutuquşu» və sair roman və hekayələrin də mənimlə bir əlaqəsi yoxdu. Sizi olsun ki, «Duyğular imperiyası» çaşdırır.
Afaq xanım, üslubunuz heç də hamı tərfindən qəbul olunan üslub deyil. Hamı deyəndə, oxucu nəzərdə tutulur. İnciməyin bizdən. Hərdən münasibətin birmənalı olmaması üzündən, Sizin fikirləriniz bəzən qəribə görünür.
Yazı üslubumun necə görünməsi məni qətiyyən narahat etmir. Əlbəttə, oxucu səviyyəsi bu gün ölkəmizdə bir o qədər də qənaət-bəxş vəziyyətdə deyil. İnsanlar rahat qavranılan ədəbiyyatı oxumaq istəyirlər. Düşünmək, bir qədər dərinə enmək, hadisələrin və özünün mahiyyətinə varmaq, dünyanın, bayaq dediyim görünməz, əslində ən işlək ərazilərini tanımaq istəmirlər. Daha doğrusu, buna ərinirlər. Televizya ekranlarından seyr etdikləri uzun-uzadı, dolama-dolaşıq ailə intiriqalarını, bəsit serialları izləmək bu gün cəmiyyətimizin mənəvi qidasına çevrilib. Bu, təkcə bizdə belə deyil. Bu yaxınlarda Mərkəzə qonaq gəlmiş fransız yazıçılarıyla söhbətdən belə məlum oldu ki, sağlığında Nobel mukafatı almış Albert Kamyu kimi yazıçının əsərləri Paris boyda şəhərdə 500 nüsxədən artıq çap edilmir və bu nüsxələr də yalnız ali təhsil ocaqlarına, kitabxanalara, akademiyalara paylanır. Səbəb - dediyiniz həmin o üslub çətinliyidi.
Bəs fikirlərinizin qəribəliyinə gələndə necə?
Fikirlərimin qəribəliyi… Olsun ki, bu, mənim, oxucunun intellektini nəzərə almamağımdan irəli gəlir. Bir də ola bilər, yazarkən, mən həddən ziyadə səmimi oluram və hamının duyduğu, lakin özünə etiraf etmədiyi hissləri olduğu kimi kağıza köçürə bilirəm. Amma inanın ki, səmimi olsanız, siz də cəmiyyətə qəribə görünəcəksiniz. İnsan ruhu heç bir qanun-qadağa tanımayan, sərhədsiz, azad bir varlıqdı. Və əslində, biz şüurumuzdan irəli, ona diqqət kəsilməliyik. Onu, yəni əslində öz «Mən» - imizi kütlə psixologiyasının xırda qanunlar çərçivələrindən mühakimə etmək – Allaha meydan oxumaq qədər günah bir işdi.
Deməli, mövcud cəmiyyət Sizi qane etmir. Yəqin ona görə deyirsiniz ki, «…qəfildən mənə sarı çönəcək gözlər ordusuna tuş gəlməkdən ötrü qaçıb tezliklə canımı buralardan qurtarmaq istəyirəm». Onda «Duyğular»-ı kiminçün yazırsınız?
Mən «Duyğular»-ı üzlərini, gözlərini tanıdığım adamlar üçün, sözü duyan dostlarım və həmkarlarım üçün, mənim yazılarımı gözləyən minlərlə oxucularım üçün yazıram. Gətirdiyiniz misal isə, düşdüyüm hansısa yad bir mühitdən aldığım ötəri təəssüratdı. Bu, mənim ovqatımdı. Mənimsə, bu sayaq rəngbərəng, saysız-hesabsız ovqatlarım olur. Hansısa bir ovqatımı əsas tutub onu mənim həyat kredom kimi qəbul etmək və bütün hərəkətlərimi, sözlərimi buna hesablamaq olmaz.
Nədənsə bu gün hamı haqdan, ədalətdən danışır. Axtarırlar, ancaq tapmırlar. Bəlkə də tapmaq mümkün deyil. Çünki haqqı tapmaq Tanrı səviyyəsinə yüksəlmək deməkdi…
Mən anlamıram siz «haqq», «ədalət» deyəndə nəyi nəzərdə tutursunuz? Sosial mənada, yoxsa böyük mənada?
Elə hər iki mənada.
Hər iki mənada bu mümkün olan iş deyil. Çünki haqq görünən hər bir işin o biri üzü var. Və əksinə, nahaq işin bu biri üzü var. «Haqq» dedikdə, biz yəqin ki, böyük mənada «dünyanın mahiyyəti»ni nəzərdə tuturuq. Bu mənada haqq barədə danışmağımız düzgün deyil. Bizə oralara müdaxilə yasaqdı.
Ruhən təkliyə, tənhalığa, bir də yalqızlığa alışmaq. Çətin deyil ki?
Əslində biz hamımız təkik. Əgər siz özünüzü, ailənizə, uşaqlarınıza, yaxud dostlarınıza görə tənha saymırsınızsa, səhv edirsiniz. O ailədən və dostlardan məndə də var. Fərqimiz bircə odu ki, siz bu barədə dərindən düşünmək, həqiqətin astar üzünə baxmaq istəmirsiniz. Bu, bir qədər qorxuludu, bilirəm. Özünüzü tənha hiss edən məqamlar bu qaranlıq fikirləri də özünüzdən qovursunuz. Mənsə onları qovmuram. Əksinə, onların izinə düşüb ardınca gedirəm. Lap arxeoloqlar kimi. Və getdikcə anlayıram ki, əslində, təklik, yalqızlıq - Günəşlə Ayın növbələnməsi qədər təbii, həm də sirli bir həqiqətdi. Əslində, mən o həqiqətə lap çoxdannan çatmışam və bayaq dediyim o daxili əzablar həmin o yolun başlanğıcında olub.
Bəzən də belə deyirlər: «Təkliyin və tənhalığın adamı olmaq onu boşluqdan çıxarıb xoşbəxt etməkdi»
Mən bunu xoşbəxtlik hesab etmirəm. Bu, hər halda bədbəxtlik də deyil. Fransız filosofu La Roş Fukonun da belə bir fikri var: «Bu dünyada nəyə görəsə çox sevinməyə, nəyə görəsə çox kədərlənməyə dəyməz. Çünki əslində, bu dünyada nə çox sevinməli, nə çox kədərlənməli olan bir şey yoxdu».
Tanınmaqdan qorxursunuz. Xoşunuza gəlmir tanınmaq. Qıcıqlandırır Sizi. Amma bu qorxu quyusu dərinləşdikcə, Sizin cəmiyyətdə tanınmaq şansınız daha da yüksəlir. Ən azından jurnalistlər tez-tez söhbətlərinizə qulaq kəsilirlər.
Hər halda böyük xoşbəxtlikdi ki, hələ bir o qədər də tanınmıram. Jurnalistlərinsə məni tanıması qorxulu deyil. Onlar qələm əhlidi, sözü duyurlar. Mən kütləyə tanınmaqdan qorxuram. Kütlə qanunlarıyla fərd qanunları heç cür uyuşmur. Üstəlik yaradıcı təbiəti nəzərə alsaq, burda vəziyyət bir qədər də qəlizləşər. İnsanlar sevdikləri, görmək istədikləri sənətkara əvvəl ekzotik meyvə kimi baxmağa, sonra onu özününküləşdirməyə başlayırlar. Bəzən sevgi, yaxud maraq dərəcəsi o qədər artır ki, onlar onu fetiləşdirir və bununla da canını alırlar. Sənətkar da öz növbəsində özünü kütlənin sevgisinə təslim edir, özünü də, əsərlərini də onun malına çevirir və kütlə qanunlarıyla yaşayıb yaratmağa başlayır. Bir sözlə, cəmiyyət sevdiyi sənətkarı öz sevgisiylə dişinə çəkib yeyir. Mən ümidvaram ki, kütlə malına çevrilməyəcəyəm…
Ruhən cəmiyyətdən kənar bir yerdə yaşamaq insan üçün nə dərəcə də əlverişlidir?
Ən əlverişlisi odur ki, öz simanı, ruhunu, daxili tarazılığını kənar müdaxilələrdən qoruyub saxlaya bilirsən. Məişət və hətta sosial qayğılar belə, cəmiyyət qədər adamı sıxıb əzmir. İnsan öz «Mən»-ini bütün o kilkəli münasibətlər, rəylər, fikirlər arasında elə itirir ki, bəzən adi insani hisslərdən məhrum olur, quru beyin sahibinə çevrilir. Quru beyinlərlə isə dünyanın əsl axarına düşmək mümkün deyil.
«İzdiham»ı oxuyanda hiss etdim ki, ruhən cəmiyyətdən ayrı olduğunuz yer yuxularınızdı. Heç zaman real olmayan, amma reallığa çevrilməsinin arzusunda olduğunuz Yuxular…
Mən yuxuda deyiləm. «İzdiham» da yuxu deyil. «İzdiham» yaddaşdı. Cəmiyyətdən ayrı olduğum yersə – ÖZÜMƏM.

Комментариев нет:

Отправить комментарий