Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


среда, 10 сентября 2008 г.

«İKİ SAHİL» QƏZETİ


Siz məşhur yazıçı Əli Vəliyevin nəvəsisiniz. Bir yazıçı kimi formalaşmağınızda babanızın rolu olubmu?
Genetik baxımdan ola bilər. Amma babamın mənimlə bu sahədə məşğuliyyəti yadıma gəlir. O, çox hövsələsiz adam idi. Son illər isə qocalıq və şəkər xəstəliyi onu lap səbrsiz etmişdi. On yeddi nəvəsindən birinin «cızma-qarayla» məşğul olması o dövrlər onun üçün elə də böyük marağa çevrilmədi. İlk hekayələrim nəşr edildikdən sonra bəzən zarafatla mənə «kolleqa» deyə müraciət edirdisə də, onun, mənim hansısa bir hekayəmi oxuduğuna inanmıram. Hekayələrim barədə mənə bir söz dediyi də yadıma gəlmir. Bəlkə də oxumuşdu, bəyənmişdi, sadəcə, «müvəffəqiyyətdən başımı gicəlləndirmək isğəmirdi?!..»
Müxtəlif müsahibə və yazılarınızdan bilirik ki, yazıçıların kişi və qadın cinsinə bölünməsindən xoşunuz gəlmir. Ümid edirəm ki, sualım acığınıza gəlməyəcək. Özünüzdən əvvəlki qadın yazıçılardan kimin yaradıcılığına rəğbətiniz var?
Bütün qadınlara və bütün qadın yazıçılarına rəğbətim var.
«Sərçələr», «Dovşanın ölümü» və sair hekayələrinizin qəhrəmanı olan qadın, sanki öz analıq, qadınlıq funksiyasını yerinə yetirməkdən bezmiş kimi görünür. O, mətbəxdə ət doğramaqdan iyrənir. Öz uşaqlarına belə analıq qayğısı, həyat yoldaşına sevgi bəsləməkdən bezir. Onu sanki özünün zahiri gözəlliyindən başqa heç nə maraqlandırmır. Qəhrəmanları ilə Afaq xanım arasında bir yaxınlıq varmı?
Siz mənim qadın qəhrəmanlarımı elə təsvir etdiniz ki, lap ürəyim bulandı. Adları çəkilən hekaəyələrin qəhrəmanlarının mətbəxdən, uşaqlarından bezdiyini xatırlayıram, amma onların yalnız öz xarici gözəlliyi ilə məşğul olduqlarını, hansı ifadələrdən, yaxud ştrixlərdən götürdüyünüzü anlamıram. Bircə «Uydurma» hekayəsində, şəhərdən gəlmiş gənc qadının, gecə-gündüz günün altında işləməkdən, dəriləri qaralıb kobudlaşan kənd arvadlarının içində öz ağ dərisindən, yaraşıqlı vücudundan ötəri qürur duyduğu kiçicik bir epizod var. Bütün qadın qəhərəmanlarımı bircə bu epizodla ümumiləşdirmək düzgün deyil. Hekayələrimin bir çoxu bioqrafikdir. Elə bilirəm, mətbəxdən, uşaqlarından və ərindən bezib yorulmaq, yaxıud öz zahirindən ruhlanıb gizli qürur hissi ilə yaşamaq, təkcə mənə yox, bütün qadınlara məxsus olan normal haldır. Burda patalogiyaya bənzər nə isə axtarmaq lazım deyil. Yəni dediyiniz, bu hekayənin baş qəhrəmanının həyatıyla bağlı çox adi, hamının görə bildiyi səthi məqamlardır. Adları çəkilən hekayələrimin bu səviyyədə xatırlanması, məndə yalnız təəssüf hissi doğurur.
Əsərlərinizi oxuyanda adama elə gəlir ki, sanki qadın olmaqdan peşmansınız. Çox üzr istəyirəm, kişi olmaq adama hansı üstünlükləri verir?
Hələ ki, kişi olmaq imkanım olmayıb. Yoxsa sizə dəqiq cavab verərdim. O ki, qaldı mənim, qadın olmağımdan peşmançılığım, burda da səhviniz var. Mənim qadın qəhrəmanlarımın, dediyiniz həmin o hekayələrdəki üzüntüləri, heç də sırf qadın üzüntüləri deyil. Bu, qəbulolunmuş normalarla yaşaya bilməyən, insanlıq üçün «icad edilmiş» çərçivələrə sığmayan, bütün bu qəliblərdən və məngənələrdən darıxıb üzülən insanın sıxıntılarıdı. Qadın olduğu üçün onu sıxan mətbəx və məişətdi, kişi olsaydı, onu bəlkə də maşının sükanı, gündə-gündə gedib-gəldiyi idarə, hər səhər xalta kimi xirtdəyinə keçirdiyi qalstuku darıxdıracaqdı. Yadıma, yaradıcılığımda qadın obrazları mövzusu üzrə doktorluq dissertasiyası yazan avstriyalı alim Senanın, mənim qadın qəhrəmanlarım barədə dediyi fikirləri düşdü. Qəribədi ki, o da mənim hekayələrimdəki qadınları, müsəlman qadağaları və çərçivələri içində «inləyən» şərq qadını kimi qiymətləndirirdi. Görünür, əsərlərimin mahiyyətinə bu nöqtədən varmaq daha asandı.
Bəzən əsərlərinizi oxuyanda adamın təsəvvüründə məşhur rəssam Salvador Dalinin sürrealist əsərləri canlanır. Məsələn «İzdiham». Belə bir qeyri adi poetikaya malik, qəribə əsər necə yarandı? Və bu, incəsənətdəki sürrealizmin ədəbiyyatda tətbiqi deyil ki?
«Tətbiq» deyilən işlə məşğul olmamışam və elə bilirəm, bu termin elmi-nəzəri sahələrdə işlədilməlidi. «İzdiham» - ın, S.Dalinin əsərləri ilə oxşarlığına qalaqda, bunu mənə Anar da deyib. Lakin, burda məqsədyönlü nə isə axtarmaq lazım deyil. «İzdiham» şüuraltı yaddaşımın qırıq-qırıq da olsa, təsəvvürümə gətirdiyi mənzərələrdi. Xatırlanması, dərk olunması insanlara qadağan edilmiş sirli bir ərazinin görüntüləridi. Şüuraltı yaddaşa müdaxilə hər bir insana verilmir. Mənə də bu səviyyədə duyum istedadı hələ ki, bircə dəfə verildi və yazıçı olduğum üçün «İzdiham» yarandı. Rəssam olsaydım, bəlkə də Dali kimi sür-realist məzmunlu tablolar çəkəcəkdim. Realist üslubda yazılmış hekayələrimin mahiyyətini duymaq iqtidarında olmayan oxucular üçün «İzdiham» yəqin ki, əbədi bağlı qalacaq.
Hekayələrinizdən biri «S.V.A.C.O» adlanır. Amma hekayəni oxuyanda məzmunu ilə bu hərifləri nə qədər çalışdımsa, deşriftə edə bilmədim. Bəlkə açasınız.
Bu sualı mənə dönə-dönə verirlər, mən də dönə-dönə cavab vermişəm ki, «S.V.A.C.O» şərti hərf yığnağıdı və bu hərf yığnağı açılsa belə, hansısa idarənin, təşkilatın adını dəqiqləşdirsə belə, bu dəqiqləşmə hekayənin mahiyyətinin açılması üçün heç nə vermir. Əsərdə, həmin bu hərf yığnağı, hekayədə baş verən yaradıcılıq gecəsini təşkil edən hansısa icmanın adının abreviaturası, yəni qısaldılmış formasıdır. Hekayədən göründüyü kimi bu, rusdilli bir icmadır. Hekayənin sonunda həmin bu hərf yığımının, rusdilli zabitlərin də, neçə vaxtdan bəri yatdığı və elə həmin sirli yaradıcılıq gecəsinin axşamı kameradan qaçdığı gün dustaqxananın divarında aşkar edilməsi isə sadəcə, mistikadır. Bu gün Azərbaycanın canına yeriyən, görünməz şırımlarla millətin, xalqın Milli varlığına sirayət edən, hiss olunmadan ildən-ilə vüsət alıb möhkəmlənə-möhkəmlənə, bizlər üçün təhlükəli olan ciddi bir prosesin kodlaşmış adıdır, belə deyək. Və ümumiyyətlə, oxucularımıza, elə sizin özünüzə də, bədii əsəri, bədii fikri, yaxud ifadəni, olduğu kimi, az qala hərfi mənada qəbul etmək adətini tərgidib, həyatda baş verən hadisələrə və insanlara, eləcə də sənətə bir qədər geniş və duyğulu yanaşmaq qabiliyyətinə yiyələnməyi arzu edərdim.
«Azadlıq» romanında heç bir yazıçının toxunmadığı, cəsarət tələb edən bir mövzuya toxunmusuz. Bu əsər nədən yarandı və bu əsərdən sonra rəsmi dairələrin reaksiyası və yaxud da hər hansı bir təzyiq, yaxud da təsirlə qarşılaşmamısınız ki?
Bu əsəri yazmaq arzusu, yuxuların, insanın təkcə fizioloji vəziyyəti yox, ruhunun, yəni, sözün əsil mənasında, Özünün yaşadığı real bir həyat olduğunu anladığım müəyyən bir zaman kəsiyindən sonra yarandı. İndi çoxları əsəri siyasi roman kimi qiymətləndirirlər və məni, son dövrlər ölkədə baş verən siyasi-ictimai hadisələri cəsarətlə təsvir etdiyimə görə qəhrəman hesab edirlər. Əvvəla, mən burda elə bir qəhrəmanlıq görmürəm. O səbəbdən ki, hesab edirəm, yazıçının borcu – «olanları», hətta olmayanları da yazmaqdı. Mən artıq çoxdannan bəridi ki, azərbaycandilli oxucularımın, əsərlərimdə ən üzdə olanlardan bəhrələnərək, mahiyyətə varmamasını, daha doğrusu varmaq istəmədən, ən asan qavralınları seçib anlamaq istədiklərinə alışmışam. Düzdü, bu romanda, son illər ölkəmizdə baş verən bir sıra ictimaym-siyasi hadisələr, ölkənin keçmək zərurətində olduğu az qala tarixi mərhələlər, təsvir edilib. Lakin, romanın yaranma səbəbi, heç də ölkənin siyasi durumunun təhlili, yaxud ictimayi-siyasi mənzərələrinə yazıçı baxışı deyildi. Burda təsvir olunan bütün hadisələr və obrazlar, cərahhi əməliyyat üçün istifadə olunan əməliyyat stolu rolundan savayı ayrı bir şeyə xidmət etmir. Məsələn, General obrazı bu əsərdə, yuxu həyatımızda bizim tam bərabər olduğumuzu, yuxu ərazisində artıq heç bir ierarxiya qanununun işləmədiyini izah edir. «Azadlıq» meydanında baş verənlər – «şahların qəlbini heç vaxt, heç bir tarixi dövrdə oxuya bilməyən», reallığın astar üzündən, yəni həqiqi tərəfindən çox-çox uzaqlarda yaşayan kütlənin mənzərəsidir. Bilirsiz, bu gün insanlar mənən o qədər yoxsullaşıb, o qədər miskinləşiblər ki, onlar bədii ədəbiyyatda da, öz gündəlik, darıxdırıcı həyatlarını axtarırlar. «Azadlıq» romanının siyasi ədəbiyyat siyahısına düşməsi də, «Dovşanın ölümü», «Sərçələr» və digər hekayələrimin, mətbəxindən, uşaqlarından iyrənən qadının faciəsi kimi qiymətləndirilməsi də, elə bilirəm, bu səbəbdən irəli gəlir. Bədii ədəbiyyat mütaliəsində rahat yol axtaran ən çox oxucu yəqin ki, bizdədi.
Dünya ədəbi prosesini izləyirsinizmi? Dünya ədəbiyyatından oxuduğunuz son əsər hansıdır?
Təəssüf ki, bütün ədəbi prosesi izləyə bilmirəm. Buna sadəcə imkan yoxdur. Adda-budda əlimə keçən ədəbiyyatla kifayətlənməli oluram. Nə isə son illər bədii ədəbiyyat oxuya bilmirəm. Bəlkə də bu, oxuduğum ədəbiyyatın məzmunundan, mənasından çox, onun «hansı saplar və hansı üsullarla tikildiyini» izləmək adətimdən irəli gəlir. Məhz bu səbəbdən mən, oxumağa başladığım əsərə marağımı, bir-iki səhifədən sonra itirirəm. Son vaxtlar sufi ədəbiyyatlarını çox oxuyuram. Bu, dini-fəlsəfi, bəzən elmi əsaslara dayaqlanan unikal əsərlərdi. Çox maraqlıdı və ən əsası mənə yaxındı. O qədər yaxındı ki, bəzən bu sirli ərazidə azmaqdan çəkinirəm, «geriyə qayıda bilməyəcəyimin» xofu məni, mütaliəni yarıda kəsməyə məcbur edir.
Dünya ədəbiyyatından Eko, Pamuk, Akroyu, Sarokin və s. yazıçıların yaradıcılığı göstərir ki, artıq bu gün modernist estetikadan postomodernist estetikaya keçid baş verib. Nəsrimizin ən qabaqcıl modernist yazıçılarından biri kimi sizcə, sizin də bu prosesi keçirməyinizin vaxtı çatmayıb ki?
Mən özümü modernist hesab etmirəm və heç vaxt da etməmişəm. Mən ümumiyyətlə yazımın üslubu barədə fikirləşməmişəm. Siz bu fikrə yəqin ki, «İzdiham» dan gəlmisiniz. Amma «İzdiham» da modern əsər deyil. Buna, daha çox, sür-realist, yəni realllıqğın fövqündə duran əsər kimi yanaşmaq olar. Məncə, yazı üslubum, daha çox cod realizmə yaxındır. Son illər isə, üslub baxımından yanaşsaq, mən psixoloji-mistik dedektiv yazıram.
Hazırda hansı əsər üzərində işləyirsiniz?
Heç nə üzərində işləmirəm. Yay gəlir, istirahət etməyə ehtiyac duyuram. Gündə-gündə aramsız yazmaqdan sağ qolumun əzələləri, boks oynamış naşı adamın qolu kimi göynəyir. Kompüterə də keçə bilmirəm. Bu cihazdan bütün toxumalarım qorxur.

Комментариев нет:

Отправить комментарий